Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Artemis Faul», sahifa 3

Shrift:

– … Hamburq məsələsini nəzərə almasaq, – Root onun sözünü tamamladı.

Nə etmək olar, Elfi son dəlilini gətirməyə məcbur oldu:

– Əgər kişi olsaydım, əgər sizin qiymətli uçan spraytlarınızdan biri olsaydım, heç kim məni heç məzəmmət də etməzdi.

Root acıqlı baxışlarla onu süzdü.

– Kapitan Balacaboy…

Lakin bu zaman telefon aparatlarından birinin zəngi onların dartışmasını lap vaxtında kəsdi. Sonra ikinci, üçüncü telefon çaldı. Rootun arxa tərəfindəki divardan asılmış nəhəng videoekran birdən xışıldayıb canlandı.

Root ucadan rabitə düyməsini basıb zəng edənlərin hamısını söhbətə qoşdu.

– Bəli?

– Bizdə fərari var, – kimsə raport verdi. Root başını tərpətdi.

– “Qarmaq”lardan məlumat gəlibmi? – deyə soruşdu.

Amerikanın rabitə peyklərində qurulmuş və yaxşıca gizlədilmiş izləyici cihazları Legionun jarqon dilində “qarmaq” adlandırırdılar.

– Bəli, ser, – ikinci səs eşidildi. – Avropada güclü gurultu qeydə alınmışdır. Cənubi İtaliya ərazisində. Qoruyucu ekranı olmayan fərari.

Root bərkdən söydü. Sehrli xalqcıq fani varlıqların gözlərinə görünmürdü, amma yalnız xüsusi qoruyucu ekran sayəsində. Bununla belə, əgər cinayətkar humanoid idisə, hər şey çox da pis deyildi.

– Bəs, təsnifatı?

– Xəbərlər pisdir, komandir, – zəng edənlərdən üçüncüsü dilləndi. – Qanunu pozan trolldur.

Root yorğun-arğın gözlərini ovuşdurdu. Axı, belə xoşagəlməz hallar həmişə məhz onun növbəsində baş verir? Elfi rəisinin çarəsiz vəziyyətdə olduğunu tamamilə anlayırdı. Trollar – yeraltı tunellərdə yaşayan varlıqların arasında ən kinliləridir. Onlar ağına-bozuna baxmadan hamının üstünə cumurlar, çünki onların xırdaca beynində, bir qayda olaraq, yalnız bir fikir yerləşirdi: “hamını öldür”. Hərdən trollardan kimsə qaldırıcının şaxtasında təsadüfən azıb qalırdı. Trollar uçuş zamanı adətən yaxşıca yanıb qızarırdılar, amma bəzən sıxışdırılaraq yerin səthinə çıxarılırdılar. Ağrıdan və gün işığından ağıllarını itirmiş trollar (onlar günəşə qətiyyən dözə bilmirlər) qarşılarına çıxan hər şeyi dağıdıb məhv edirdilər.

Root özünə gələrək başını yellədi.

– Yaxşı, kapitan Balacaboy. Görünür, sən öz şansını qazandın. Ümid edirəm ki, sehrli qüvvə ehtiyatın kifayət qədərdir?

– Bəli, ser, – Elfi yalan dedi, çünki yaxşı anlayırdı ki, əgər Root onun uzun müddət Ritualı yerinə yetirmədiyini bilsə, dərhal tapşırıqdan uzaqlaşdıracaq.

– Yaxşı. Adına silah yazdırıb götür və göstərilən əraziyə get.

Elfi ekrana baxdı. “Qarmaqlar” qədim qalaya oxşayan bir italyan şəhərini göstərirdilər. Qırmızı nöqtə yaşayış məntəqəsinə doğru sürətlə hərəkət edirdi.

– Sənin vəzifən vəziyyəti öyrənməkdir. Sonra qayıdıb məlumat verəcəksən. Və bizdən xəbərsiz heç bir təşəbbüsdə olmayacaqsan. Aydındır?

– Bəli, ser.

– Keçən rüb trollarla toqquşmada altı nəfər itirdik. Altı nəfər! Həm də bu hadisə burada, yerin altında, bizə tanış olan ərazidə baş verdi.

– Anlayıram, ser.

Root tərəddüd edərək dodaqlarını bir-birinə sıxdı.

– Balacaboy, düz deyirsən? Sən həqiqətən məni anlayırsanmı?

– Mən belə düşünürəm, ser.

– Sən trollun nələr edə biləcəyini heç anlayırsanmı? Yəni, ət və qandan ibarət olan varlıqlara nə edə biləcəyini deyirəm.

– Xeyr, ser. Görməmişəm.

– Bəxtin gətirib. Bu təcrübə olmadan da işin öhdəsindən gələ bilərsən.

– Aydındır, sür.

Root hirsli-hirsli ona baxdı.

– Kapitan Balacaboy, səbəbini bilmirəm, amma sən hər dəfə “Aydındır” deyəndə öfkələnməyə başlayıram.

Root nahaq yerə öfkələnmirdi. Əgər o, ilk baxışdan sadə görünən bu xüsusi tapşırığın nə ilə nəticələnəcəyini bilsəydi, dərhal istefa verərdi. Həmin axşam doğrudan da tarixi bir hadisə baş verməliydi. “Yoxsa, radiumu kəşf edəcəkdilər? – deyə soruşa bilərsiniz. – Ya da Aya ilk insan çıxacaqdımı?”. Yox-yox, belə xoşbəxt sonluğa hətta ümid də etməyin. Bu hadisə tamam başqa cür idi, yəni “əlvida, “Titanik” yaxud “ispan inkvizisiyasının dəhşətləri” kimi. Bu hadisə çox acı nəticələr verə bilərdi. Həm insanlar, həm də sehrli xalqcıq üçün çox acı nəticələr. Hamı üçün. Elfi birbaş şaxtalara doğru getdi. Onun qalın dodaqları qətiyyətlə bir-birinə sıxılmışdı. Bu son və yeganə şansdır, ikinci şans olmayacaq. Buna görə də o, xırda şeylərə əhəmiyyət verməyəcək.

Yer səthinə buraxılış vərəqəsi əldə etmiş səbrsiz turistlər cərgəsi Qaldırıcı meydançanı başdan-başa doldurmuşdu, lakin Elfi polis nişanını hamıya göstərərək cəsarətlə sıranın lap başlanğıcına doğru irəlilədi. Amma sırtıq qnomlardan biri ona yol vermək istəmirdi.

– Necə olur ki, siz polislər hər yerə hamıdan əvvəl girə bilirsiniz? Yoxsa göydən düşmüsünüz?

Elfi bir neçə dəfə dərindən nəfəs aldı. Hər şeydən əvvəl – nəzakətli olmaq lazımdır.

– Mən vəzifə başındayam, ser. İndi isə xahiş edirəm, məni bağışlayın.

Qnom yekə dalını qaşımağa başladı.

– Eşitmişəm ki, sizin Legiondan olan oğlanlar yuxarıya qalxıb ay işığına tamaşa etməkdən ötrü yalandan özlərinə hər cür tapşırıq uydururlar. Hə, hə, mən belə də eşitmişəm.

Elfinin üzünə vermək istədiyi mehriban təbəssüm daha çox dodaq büzməyə oxşayırdı.

– Bunu sənə deyən kimdirsə, çox axmaqdır… ser. Kəşfiyyat korpusunun döyüşçüləri yalnız zəruri hallarda yerin səthinə çıxırlar.

Qnom üz-gözünü turşutdu. Görünür, guya başqasından eşitdiyi bu dedi-qodunun müəllifi o özü idi, üstəlik indicə hamının yanında onu axmaq adlandırmışdılar. O, layiqli cavabı düşünüb tapana qədər Elfi qapıdan sivişib keçdi.

Dayçagil onu əməliyyat mərkəzində gözləyirdi. Bu paranoik-kentavr tamamilə əmin idi ki, insanların kəşfiyyatı mürgüləmir və izləmə sistemləri bir yana qalsın, onun tabeçiliyində olan nəqliyyat şəbəkəsini çoxdan nəzarətə götürüblər. Düşmən kəşfiyyat xidmətlərinin təsadüfən onun fikirlərini oxumaması üçün kentavr daim başına sağanaqlı papaq qoyurdu.

Elfi pnevmatik qapılardan keçib Dayçagilin şübhəli baxışlarına tuş gəldi.

– Sənin bura necə girdiyini kimsə gördümü?

Elfi cavab vermək üçün fikirləşdi.

– FBI, CIA, NSA, DEA, M16. Hə, bir də EIB.

– EIB? – deyə Dayçagil üz-gözünü turşutdu.

– Binada olanların hamısı, – deyə Elfi izah etdi.

Dayçagil fırlanan kreslodan qalxıb dırnaqlarını yerə döyə-döyə ona yaxınlaşdı.

– Nə olub, Balacaboy, yoxsa zarafat edirsən? Üsyan davam edir? Mənsə elə fikirləşirdim ki, Hamburq məsələsi cəsarətini azaldıb. Sənin yerinə olsaydım, diqqətimi qarşıdakı məsələyə cəmləyərdim.

Elfi özünü ələ aldı. Axı Dayçagil haqlı idi…

– Yaxşı, Dayçagil. Məsələni mənə izah elə.

Kentavr barmağı ilə “Avro-peyk”dən ötürülən və böyük plazma ekranda əks olunan bir ərazinin təsvirini göstərdi.

– Bu qırmızı nöqtə – trolldur. O, Martin-Frank qəsəbəsinə doğru hərəkət edir, bu qəsəbə kifayət qədər iri şəhər olan Brindizinin yaxınlığında yerləşir. Bildiyimə görə, troll E7 şaxtasına girib. Bu vaxt şaxta yer səthinə növbəti kapsul göndərildikdən sonra soyudulurmuş. Nə isə, bu dəfə kababdan məhrum olduq, vəhşi sağ qaldı.

Elfi üz-gözünü turşutdu. O hələ yumor hissini saxlayıb, – deyə düşündü.

– Buna baxmayaraq bəxtimiz bir az gətirib. Troll yolda yeməyə rast gəlib. O, bir neçə inəyi parçalayıb yeyib, bu isə onu bir müddət əyləndirib?

– Bir neçə inək?! – deyə Elfi təəccübdən az qala qışqırdı. – Bu vəhşi nə boydadır ki?

Dayçagil sağanaqdan çıxmış qalpağını düzəltdi.

– Tamamilə yetkin bir trolldur. Yüz səksən kilo çəkisi var, köpək dişləri vəhşi qabanınkı kimidir. Çox vəhşi bir qabanın dişləri kimi.

Elfi zorla udqundu. Yaxşı ki, ona fərarini yaxalamağı əmr etməyiblər.

– Yaxşı. Mənə nə verəcəksən?

Dayçagil ləvazimatlar qoyulmuş masaya yaxınlaşdı və dördkünc qol saatına oxşayan bir cihazı götürdü.

– Pelenqator5. Sən trolu tapırsan, biz də səni. Adi işdir.

– Video?

Kentavr Elfinin qalpağındakı xüsusi deşiyə kiçik silindr yerləşdirdi.

– Canlı yayım. Mini atom-reaktor quraşdırılıb, buna görə də işləmə müddəti məhdud deyil. Mikrofon isə səs gələn kimi işə düşür.

– Yaxşı, – deyə Elfi başını tərpətdi. – Root dedi ki, mən silah da götürməliyəm. Hər ehtimala qarşı.

– Silahların hamısı sənin qarşındadır, – deyə Dayçagil qollarını açdı.

O, silahları eşələyib platindən düzəldilmiş bir tapançanı seçdi. – “Neytrino-2000”. Yeni modeldir. Bundan hətta tunel quldurlarında da yoxdur. Üç rejimdə hazırlanıb. Zəif dərəcədə qızardılmış, orta dərəcədə qızardılmış və kremlənmiş. Bu da atom enerjisi ilə işləyir, qənaət etməyə bilərsən. Bu tapança səndən sonra min il də işləyəcək, kiməsə xidmət edəcək.

Elfi yüngül tapançanı çiynindən asdığı qobura soxdu.

– Mənə elə gəlir ki… hazıram.

– Şübhə edirəm, – deyə Dayçagil güldü. – İnan mənə, trolla görüşə hazırlaşmaq mümkün deyil.

– Sağ ol, mənə əcəb dəstək verirsən.

– İstənilən əminlik savadsızlıqdan yaranır, – kentavr barmağını qaldırıb dedi. – Əgər sən özünə əminsənsə, deməli, nəyisə bilmirsən.

Elfi etiraz etmək istədi, amma fikrini dəyişdi. Bəlkə də, – deyə tərəddüdlə düşündü, – Dayçagil haqlıdır.

Pnevmatik qaldırıcılar yerin nüvəsindən xüsusi kanallarla verilən qaz şırnaqları ilə işləyirdi. Legionun texnikləri Dayçagilin rəhbərliyi altında titandan yumurtaşəkilli kapsullar hazırlamışdılar. Onlar qaz axınlarında hərəkət edə bilirdilər və avtonom mühərriklərlə təchiz olunmuşdular. Lakin yer səthinə təcili qalxmaq üçün yuxarıya püskürən təbii maqmadan yaxşı vasitə yox idi.

Dayçagil körpülərin yanından keçərək öz yoldaşını E7 şaxtasına apardı. Dokda dayanmış kapsul maqma selindəki raket kimi çox kövrək görünürdü. Onun dibi qaralıncaya qədər yanmışdı. Zərblə dəyən daş qırıntılarından çopur-çopur idi.

Kentavr məhəbbətlə əlini təsərrüfatında olan bu minik vasitəsinin bamperinə vurdu.

– Bu körpə artıq əlli ildir ki, xidmət edir! Şaxtalarda işləyən ən köhnə modeldir.

Elfi həyəcanla udqundu. Yuxarıya qalxmaq onsuz da əsəblərinə təsir edirdi, bir yandan da bu köhnə tör-töküntü.

– Bəs onu nə vaxt hesabdan silib atacaqlar?

Dayçagil tüklü qarnını xarta-xurtla qaşıdı.

– İndiki maliyyə vəziyyətində heç vaxt, bəlkə ölüm hadisəsi baş vermiş qəzadan sonra atalar.

Elfi ağır qapını özünə tərəf dartdı, rezin kütlə xırıltı ilə açıldı. Kapsulu ona görə düzəltməmişdilər ki, sərnişin üçün rahat olsun. Onun içində kəmərli oturacağa və elektron cihazlara zorla yer çatırdı.

– Bəs bu nədir? – deyə Elfi barmağını oturacağın başındakı boz ləkəyə vurub soruşdu.

– Fikir vermə, – Dayçagil sanki laqeydliklə cavab verdi və ayaqlarını yerə döydü. – Yəqin ki, beyindir. Son səyahət zamanı hermetiklik pozulmuşdu. Amma yarığı təmir etdilər. Polis sağ qalmışdı. Düzdür indi ağlı yerində deyil, yalnız sulu xörək yeyir, amma ən əsası salamat qalmaqdır.

– Doğrudan da ən əsası salamat qalmaqdır, – deyə Elfi naqillərin arasından keçərək istehza ilə cavab verdi.

Dayçagil Elfinin üstündəki təhlükəsizlik kəmərlərini bərkitdi və açarı diqqətlə yoxladı.

– Hazırsan?

Elfi başını tərpətdi.

Dayçagil barmağı ilə Elfinin qalpağındakı mikrofonu döyəclədi.

– Xəttdə qal, – dedi və qapını örtdü.

“Fikirləşmə ki, səni nə gözləyir, – deyə Elfi öz-özünə əmr etdi. – İndicə bu köhnə gəmini udacaq qızmış maqma seli haqqında düşünmə. Yuxarıya uçuşu düşünmə, bu zaman ikicə təkanla baş-ayaq çevriləcəksən. Əlbəttə ki, dişləri ilə səni didib parçalamağa hazır olan qaniçən troll haqqında heç düşünmə. Lazım deyil. Belə şeylər haqqında düşünməyə cəsarət etmə… Nəyisə dəyişmək isə artıq çox gecdir”.

Qulaqcıqlarda Dayçagilin səsi eşidildi.

– Mənfi iyirmidən başlayaraq hesabat aparılır. Əgər yuxarıdakılar yeraltı darama sistemini hazırlamışlarsa, biz də hər ehtimala qarşı gizli kanala keçmişik. Bilirsənmi, onlardan hər şey gözləmək olar. Bir dəfə bizim ötürdüyümüz məlumatları Yaxın Şərqdəki neft tankeri tutmuşdu. Belə bir iş olmuşdu…

Elfi qalpağındakı mikrofonu düzəltdi.

– Diqqətini yayındırma, Dayçagil. İndi həyatım sənin əllərindədir.

– Aha… bağışla. Səni relslərlə E7 şaxtasının əsas hissəsinə çıxaracağıq, maqma seli indicə başlayacaq. Yüz çıqqıltı məsafəni maqma selinin üstündə gedəcəksən, sonra sərbəst hərəkət edəcəksən.

Elfi başını tərpətdi və əkizlər kimi bir-birinə bənzəyən iki dəstəyi tutub sıxdı.

– Bütün sistemlərin yoxlanışı. Başla.

Mühərriklər uğuldadı. Balaca gəmi öz dokunda yırğalana-yırğalana yuxarıya tullandı. Elfi qabığın içindəki noxud dənəsi kimi gah o tərəfə, gah bu tərəfə çırpılırdı. Dayçagilin söylədiklərini demək olar ki, eşitmirdi:

– Sən indi köməkçi hissədəsən. Uçuşa hazırlaş, Balacaboy.

Elfi cihazlar lövhəsindən qoruyucu rezini götürüb dişlərinin arasında sıxdı. Əgər dilini dişləsən, mikrofon da kömək etməyəcək. O, bayır tərəfdəki kameraları işə salıb monitoru açdı.

E7 şaxtasının girişi yavaş-yavaş ona tərəf yaxınlaşırdı. Eniş projektorlarının işıqlandırdığı hava hərarətdən titrəyirdi. İsti və ağ qığılcımlar şaxtanın köməkçi bölməsinə səpələnirdi. Elfi uğultunu eşitməsə də, onun necə olduğunu təsəvvür edə bilərdi. Sanki qorxunc külək dəhşətlə uğuldayırdı. Ya da milyonlarla troll bağırırdı.

Elfi idarəetmə tutqaclarını daha bərk sıxdı. Kapsula titrəyib şaxtanın lap kənarında dayandı. Bundan sonra nəhəng tunel başlanırdı. Çox geniş. Böyük və sonsuz. O – unitazdakı qarışqadır və indicə kimsə su axarının ipini çəkəcək.

– Getdik! – Dayçagilin səsi cingildədi. – Öz buterbrodunu möhkəm saxla. “Amerikan təpəcikləri” bununla müqayisədə boş şeydir.

Elfi başını tərpətdi. Dişlərinə sıxdığı qurbağaya oxşar rezinə görə danışa bilməsə də, kentavr onu öz monitorunda görürdü.

– Sayonara, əzizim, – Dayçagil dedi və düyməni basdı.

Qısqaclar kapsulanı buraxdı, Elfi yuxarı qalxan mədəsini dili ilə saxlayaraq dərin uçuruma doğru şütüdü. Amansız cazibə qüvvəsi kapsulanı yerin mərkəzinə doğru çəkirdi. Seysmologiya şöbəsi milyonlarla təcrübə aparmış, nəhayət, maqma tullantılarını proqnozlaşdırmağı öyrənə bilmişdi. Az-çox dəqiqliklə; ehtimal – doxsan doqquz tam onda səkkiz faiz idi. Lakin səhv etmək ehtimalı hər halda sıfır tam onda iki faiz qalmaqda idi…

Eniş çox uzun sürdü. Elfi kapsulanın dağılıb məhv olacağı ilə artıq barışmışdı, lakin birdən hiss etdi ki: başlanır. Heç zaman unutmayacağı vibrasiya hissi. Sanki onun köhnə qabığının ətrafındakı dünya parça-parça olurdu. Buna bax!

– Pərlər fırlandı, – deyə o, dişlərinə sıxdığı rezin qoruyucunun arasından dərin nəfəs aldı.

Dayçagil nəsə cavab verdi, lakin Elfi öz hayında idi. O hətta özünü belə eşitmirdi, yalnız ekranda pərlərin necə fırlandığını görürdü.

Maqma seli qasırğa kimi şığıdı, stabilizatorlar işə düşənə qədər kapsula fırlandı, hərləndi. Yarıərimiş daşlar gəminin altına dəyərək onu şaxtanın divarlarına sıxışdırırdı. Elfi kapsulanı tunelin ortasında saxlamağa çalışaraq tutqacları hirslə fırladırdı.

Darısqal fəzada dözülməz isti vardı, adi insan burada asanlıqla yanıb külə dönə bilərdi. Lakin insanlara nisbətən sehrli xalqcığın ağ ciyərləri daha möhkəm materialdan hazırlanmışdı. Görünməz qısqacların köməyilə sürətin artması nəticəsində Elfinin bədəni az qala parça-parça olmuşdu. O, gözlərini qırpıb duzlu tər damcısını aşağı saldı və diqqətini ekrana cəmləməyə çalışdı. Maqma seli onun kapsulasını tamamilə udmuşdu, ən azı yeddi bal gücündə titrəyiş vardı. Qaynar lava seli beş yüz metrə qədər uzanırdı. Narıncı rəngli, zolaq-zolaq maqma burulğanları qaynayıb köpüklənərək kapsulanın metal örtüyündə zəif yer axtarırdı.

Gəminin korpusu xırıltı ilə inildəyirdi, yarım əsr yaşı olan vintlər az qala açılıb dağılacaqdı. Elfi başını silkələdi. Qayıtıqdan sonra ilk görəcəyi iş – Dayçagilin tüklü dalına yaxşı bir təpik vurmaq olacaqdı. O özünü güclü qnom dişlərinin altında qalmış xırdaca daş kimi hiss edirdi. İndi onu əzib toza döndərəcəkdilər.

Gəminin burnundakı lövhə sanki nəhəng bir yumruğun zərbəsi ilə içəriyə tərəf əyilmişdi. Lampa yanıb-söndü, kapsulanın hermetikliyinin pozulduğunu bildirən siqnal eşidildi. Elfinin başı sanki polad çəmbərin altında əzilirdi. Birinci gözləri təslim olacaq, yetişmiş giləmeyvə kimi partlayacaqcı.

O, cihazların göstəricilərinə baxdı. Hələ iyirmi saniyə qalırdı, sonra onun gəmisi odlu maqmanın içindən çıxacaq və istilik mühərriklərinin köməyilə hərəkət edəcəkdi. Bu iyirmi saniyə Elfiyə əbədiyyət kimi gəldi. O, gözlərini qorumaq üçün qalpağını diqqətlə hermetikləşdirdi və gəminin yarıərimiş daşların son dalğasından çıxmasını gözlədi.

Birdən hər şey sakitləşdi. Kapsula maqma selindən uzaqlaşmışdı. İndi nisbətən daha sakit olan isti və spiralvari hava axının təkanları ilə irəliləyirdi. Elfi dartıcı mühərrikləri işə saldı. Yoxsa daim fırlanmalı olacaqdı, onun isə vaxtı qətiyyən yox idi. Tezliklə yuxarıda körpü zonasını bildirən neon işıqlar dairəsi göründü. Elfi gəmini horizontal vəziyyətə gətirdi və birləşmə qovşağını eniş işıqlarına tərəf yönəltdi. Bu çox incə əməliyyat idi. Korpusun bir çox pilotu çətinlik çəkmədən bu yerə qədər gəlib çıxır, lakin sonra səhv edir və körpünün yanından uçaraq qiymətli vaxtlarını itirirdilər. Çoxları belə idi, amma Elfi deyil. O, anadangəlmə istedada malik idi. Akademiyanın birinci tələbəsi olmuşdu.

Elfi son dəfə mühərrikləri işə saldı və ətalətlə irəliləyərək axırıncı yüz metr məsafəni qət etdi. Ayaq pedalının köməyi ilə kapsulanı işıq dairəsinin arasından keçirərək eniş meydançasındakı doka tərəf yönəltdi. Birləşmə qovşağı çıxıntılara pərçimləndi. Kapsula etibarlı şəkildə bərkidildi.

Elfi yumruğu ilə sinəsinə vurdu və təhlükəsizlik kəmərlərini çıxarıb hermetik qapını açdı. Yerin səthindən xoş hava axını kabinəyə doldu. Şaxtada uçuşdan sonra aldığın ilk nəfəslə heç bir şey müqayisə edilə bilməz. Elfi kapsulanın ağır havasını ciyərlərindən qovaraq dərindən nəfəs aldı. Sehrli xalqcıq belə nemətdən necə imtina edə bilmişdi! Burada, yuxarıda yaşamaq çox əla olardı. Lakin bir vaxtlar onun əcdadları yaşamaq uğrunda mübarizəni yuxarıdakılara uduzmuşdular – onlar həddindən artıq çox idi. Əgər onun xalqının qadınları iyirmi il ərzində yalnız bir uşaq doğa bilirdilərsə, yuxarıdakılar siçovullar kimi çoxalırdılar. Bu cür tempin öhdəsindən heç bir sehrkarlıq gələ bilməz. Elfi gecənin şirin havasından zövq almaqla yanaşı insanların qoyduğu zəhərli izləri də hiss edirdi. İnsanlar toxunduqları hər şeyi məhv edirlər. Bəli, artıq onlar qazma mağaralarda yaşamırlar. Ən azından burada, bu ölkədə. Onlar özlərinə yatmaq üçün, yemək üçün və hətta təbii ehtiyaclarını ödəmək üçün xüsusi otaqları olan böyük və gözəl binalar tikmişlər! Evin içərisində! Elfi diksindi. Siz bir düşünün: öz evində tualetə getmək! İyrənclikdir! Tualetin yeganə xeyri ondadır ki, torpaqdan alınmış maddələr onun özünə qaytarılır, lakin yuxarıdakılar buna da bir hiylə qurublar: onlar bu tullantıları, bu… nə isə.. kimyəvi maddələrlə emal edirlər. Əgər yüz illər öncə ona desəydilər ki, insanlar bu qədər güclü məhsuldar qüvvəni qəsdən məhv edicəklər, Elfi öz həmsöhbətinə beyninin zir-zibildən təmizlənməsi üçün kəlləsində deşik açmasını məsləhət görərdi.

Elfi qarmaqdan iki qanad götürdü – səs-küylü mühərriklə təchiz olunmuş iki oval lövhə. Götürdü və inildədi. “İynəcə”! Onun bu modeldən zəhləsi gedirdi. Benzinlə işləyən mühərrik, bircə bu çatışmırdı! Elə ağırdır ki, sanki belində yekə bir donuzu daşıyırsan, bu yük səni palçığa da batırar. Amma Kolibri Z7 – əla nəqliyyatdır. Mühərrik uğuldamır, azca fışıldayır, peykə bağlı günəş batareyası işləyir, bu nəqliyyatla bütün yer kürəsini gəzib dolaşmaq olar, həm də iki dəfə. Amma büdcədə problemlər olanda, nə verirlərsə, onunla ucmağa məcbursan.

Əlindəki pelenqator cırıldamağa başladı. Elfi rabitə diapazonunda idi. O, stansiya binasında kapsuladan çölə çıxdı. Stansiya adi təpə kimi qurulmuşdu, nağıllarda belə təpələri adətən feyaların məskəni adlandırırlar. Doğrudan da, bir zamanlar bu cür təpələrdə sehrli xalqcıq məskən salmışdı, amma sonra onu yerin dərinliyinə qovdular. Burada texnika çox deyildi – xarici monitorlar və insanların stansiyanı aşkara çıxaracağı halda özünü ləğvetmə qurğusu.

Ekranlar yolun boş olduğunu göstərirdi. Pnevmatik qapılar trollun söykəndiyi yerlərdə bir az əyilmişdi, amma qalan cihazlar tamamilə saz vəziyyətdə görünürdü. Elfi qanadları bərkidib xarici aləmə qədəm qoydu.

İtaliyanın zeytun budaqlarının və üzüm salxımlarının arasından görünən gecə səması aydın və ulduzlu idi. Cırcıramalar sərt otların üstündə bərkdən cırıldaşır, kəpənəklər ulduzların işığında uçuşurdular. Elfi bilaixtiyar gülümsədi. Bunun üçün nə qədər olsa risk etməyə dəyərdi. Yeri gəlmişkən, risk haqqında… Elfi pelenqatoru yoxladı. Cihazın ciyiltisi daha bərkdən eşidilirdi: troll demək olar ki, şəhər divarlarının yanındaydı! Elfi tapşırığı yerinə yetirdikdən sonra təbiəti seyr etməyə imkan tapa bilərdi. İndi isə hərəkət etmək vaxtıdır.

Elfi “İynəcə”nin mühərrikini işə salmaq üçün çiynindəki starterin qaytanını dartdı. Heç nə alınmadı. Limanda varlı balalarının tətildə meşəyə uçmaq üçün “Kolibri”ləri var, Korpusun kəşfiyyatçılarına isə köhnə tör-töküntünü verirlər. Bunun təzəsi də heç nəyə yaramazdı. Elfi qaytanı bir dəfə də dartdı, sonra yenə təkrar etdi. Üçüncü cəhddən sonra mühərrik işə düşərək gecənin təmiz havasına tüstü buğumları üfürdü. “Nəhayət ki,” – deyə Elfi dərindən nəfəs aldı və birinci ötürücünün düyməsini basdı. Qanadlar çırpınmağa başladı, tədricən daha da geniş açıldı və kapitan Elfi Balacaboy ağır-ağır səmaya qalxdı. Trollu təqib etmək hətta pelenqatorsuz da çətin deyildi. Vəhşi özündən sonra elə dağıntı izləri buraxmışdı ki, sanki meşədən ikiayaqlı ekskavator keçmişdi. Elfi yerin üstü ilə alçaqdan uçur, budaqların və duman zolaqlarının arasından özünə yol tapırdı. Ağlını itirmiş vəhşi üzümlüklərin arası ilə özünə yol açmış, daş hasarı uçurub dağıtmışdı, gözətçi iti isə ağacların altında zingildəyərək hələ də tir-tir əsirdi. Elfi tezliklə parçalanmış inəklərə də rast gəldi. Dəhşətli səhnə idi. Təfərrüata varmadan yalnız onu deyək ki, buynuz və ayaqlar istisna olmaqla inəklərdən heç nə qalmamışdı.

Pelenqator daha da bərkdən cırıldamağa başladı. Demək, troll lap yaxındaydı. Elfi bir az irəlidə alçaq bir təpənin üstündə qurulmuş və orta əsrlərdən qalma diş-diş divarlarla əhatələnmiş şəhərciyi gördü. Pəncərələrin çoxunda hələ işıq yanırdı. Deyəsən, sehrkarlığa əl atmağın vaxtıydı.

Sehrli xalqcığın adına yazılan böyük ecazkar qüvvə – vur-tut mənasız nağıllardan başqa bir şey deyildi. Amma yeraltı sakinlərin müəyyən sehrkarlığı hər halda varıydı. Məsələn, onlar şəfaverici xüsusiyyətə malik idilər. Ovsunlamağı və qoruyucu ekranlar düzəltməyi bacarırdılar. Əslində “ekran düzəltmək” ifadəsi yanlışdır. Elflər sadəcə elə tezlikdə vibrasiya edirdilər ki, onları görmək mümkün deyildi, – onlar sanki çox sürətlə yerlərini dəyişirdilər. Diqqətlə baxan insan havanın yüngülcə titrədiyini ayırd edə bilər, amma insanların diqqətli olması, deyək ki, meymunların nəzakətli olması kimidir. Əgər insanlar onu hiss etsələr də, onda dərhal bu hadisəni, məsələn, rütubət buxarlanması kimi izah edərdilər. Yuxarıdakılar özlərindən cürbəcür mürəkkəb izahlar uydurmağı çox xoşlayırlar.

Elfi qoruyucu ekranı işə saldı. Bundan ötrü həmişəkindən bir qədər çox güc sərf etməli oldu. O, gərginlikdən alnının necə tərlədiyini hiss edirdi. “Bax indi mənim üçün doğrudan da Ritualı yerinə yetirmək lazımdır, – deyə o düşündü. – Və bunu nə qədər tez etsəm, bir o qədər yaxşı olar”.

Aşağıdan gələn səs onu fikirdən ayırdı. Bu guruldu gecənin adi səslərinə qətiyyən oxşamırdı. Elfi çantasındakı hündürlük tənzimləyicisini çevirdi və səs gələn yerə baxmaq üçün aşağı endi. Yalnız baxmaq, – o öz-özünə dedi, – onun vəzifəsi vəziyyəti öyrənməkdir. Kəşfiyyat Korpusunun zabitləri köhnə kapsulalarda yırğalana-yırğalana uçur, ağaclara dırmaşır, hədəfi təqib edir və yalnız sonra Çevik Alayın əsgərləri rahat şattllarda gəlib çıxırlar.

Troll düz onun altındaydı. O öz güclü yumruqları ilə şəhərin xarici divarlarını uçurub dağıdırdı, həm də bunu elə yaxşı bacarırdı ki, ətrafa yalnız daş parçaları səpələnirdi. Elfi təəccübündən içini çəkdi. Lap əjdahadır! Fil kimi nəhəng, amma on dəfə qəzəbli. Həddindən artıq qəzəbli, həm də ölümcül qorxmuş bir fil.

– Mərkəzi çağırıram, – Elfi mikrofona dedi. – Fərari aşkar edilmişdir. Vəziyyət kritikdir, yüksək çətinlik dərəcəsindədir.

Rootun özü əlaqəyə çıxdı.

– Vəziyyəti dəqiqləşdir, kapitan.

Elfi kameranın obyektivini trolla tərəf yönəltdi.

– Fərari şəhər divarlarını dağıtmaq istəyir. Təcili olaraq müdaxilə etməyi məsləhət görürəm. Çevik Alay uzaqdadır?

– Standart yer vaxtı ilə beş dəqiqə uzaqlıqda. Biz hələ şatldayıq.

Elfi dodaqlarını dişlədi. Root özü gəminin içindədir?

– Çox gecdir, mayor. On saniyədən sonra bütün şəhər ayağa qalxacaq… Mən gedirəm.

– Bunu qadağan edirəm, Elfi… kapitan Balacaboy. İnsanlar tərəfindən dəvət olmamışdır. Sən qanunu bilirsən. Yerində qal.

– Amma, mayor…

– “Amma”sı yoxdur, kapitan! – deyə Root onun sözünü kəsdi. – Müdaxilə etmə. Bu əmrdir.

Elfinin bütün bədəni həyəcanlı ürəyinin döyüntüsünə uyğun titrəməyə başladı. Benzinin buxarı onun beynini dumanlandırırdı. Necə etməli? Nəyi seçməli? İnsanların həyatınımı yoxsa rəisin əmrini?

Bu zaman troll nəhayət, divarı uçurub dağıtdı və gecənin səssizliyini uşaq fəryadı pozdu.

– Ayuto! – bir körpə bərkdən bağırırdı. “Kömək edin”. Bu, dəvət tamamilə uyğun idi. Düzdür, bir az çətinliklə də olsa, amma uyğun idi.

– Bağışlayın, mayor. Troll işığın təsirindən tamamilə ağlını itirib, burda isə uşaqlar var.

– Buna görə paqonlarından olacaqsan, Balacaboy! – Root mikrofona bağırdı. Elfi onun qəzəbdən necə qıpqırmızı qızardığını təsəvvür etdi. – Hazırlaşa bilərsən, növbəti yüz ildə sənin işin kanalizasiyaları təmizləmək olacaq!

Amma onun hədələri kar etmədi. Elfi artıq mikrofonu söndürmüşdü, trollun arxasınca aşağı enirdi.

Kapitan Balacaboy dik duraraq əjdahanın açdığı deşikdən içəri girib ətrafa boylandı. Deyəsən, restorana düşmüşdü. Camaatla dolu restorana. Trollun gözləri gur elektrik işığına alışmadığı üçün heç nə görmürdü, buna görə də zalın ortasında çarəsizcə dolaşırdı. Müştərilər donub qalmışdılar. Hətta uşaq belə qışqırığını kəsmişdi. İnsanlar gözlərini yad məxluqa dikərək susub oturmuşdular, başlarındakı karnaval şlyapaları qəribə şəkildə yana əyilmişdi. Qarsonlar yerlərində donmuşdular, əllərində tutduqları içərisində spagetti olan böyük sinilər gərginlikdən titrəyirdi. Koppuş italyan uşaqları qorxudan toppuş əlləri ilə gözlərini örtmüşdülər. Əvvəl həmişə belə olur: şokdan hamının dili tutulur. Sonra isə fəryadlar başlayır.

Şərab şüşəsi gurultu ilə döşəməyə dəyib sındı. O andaca ovsunlar öz təsirini itirdi. Dəhşətli hay-küy qopdu. Elfi üz-gözünü turşutdu. Trollar səs-küyə, demək olar ki, işıq qədər nifrət edirlər.

Əjdaha tüklü və qüvvətli çiyinlərini düzəltdi, sonra iti dırnaqlarını qəzəblə işə saldı. Yırtıcılara məxsus klassik hərəkət. Vəhşi zərbə endirməyə hazırlaşırdı.

Elfi silahını çıxardı və qoruyucu düyməni ikinci səviyyəyə qoydu. O, heç bir halda trollu öldürməyəcəkdi. Hətta insanları xilas etmək naminə olsa belə. O, Çevik Alay gəlib çıxana qədər yırtıcının yalnız şüurunu söndürəcəkdi. Elfi düşmənin ən zəif yerini nişan alaraq trollun kəlləsinə konsentrasiyalı ion şüası buraxdı. Yırtıcı səndələyə-səndələyə bir neçə addım atdı və deyəsən, çox incidi. “Hər şey qaydasındadır, – deyə Elfi düşündü, – məni ekran qoruyur. Yəni görünmürəm. Kənardan baxana elə gəlir ki, titrəyişli mavi şüa havanın özündən yaranır”.

Troll kəskin hərəkətlə ona tərəf döndü, yoğun şamlara oxşayan buz salxımları kimi bir-birinə yapışmış saçları qorxunc şəkildə titrədi.

“Qorxmaq lazım deyil. O məni görmür”.

Troll masanı qaldırdı.

“Mən görünmürəm. Qətiyyən görünmürəm”.

Tüklü pəncəsini qolaylayıb masanı Elfiyə tərəf tulladı.

“Havada yalnız yüngülcə bir titrəyiş”

Masa çevrilərək düz onun başına uçurdu.

Elfi kənara qaçdı. Amma bir göz qırpımı qədər gecikdi. Masa belindəki çantaya dəydi və benzin balonunu deşdi. Balon hər tərəfə yanacaq mayesi çiləyərək havaya qalxdı.

Yəqin, sizə məlumdur ki, italyan restoranları həmişə şamlarla dolu olur. Balon şamdanların üstü ilə uçaraq sanki nəhəng atəşfəşanlıq kürəsi kimi alışıb yandı. Yanan benzinin çox hissəsi trollun üstünə səpələndi. Sonra isə Elfi yırtıcının üstünə yıxıldı.

Troll onu görürdü, bu fakt idi. Demək, qoruyucu ekran işləmir. Çünki onun sehrli qüvvəsi tükənmişdir.

Lənətəgəlmiş işığın parlaqlığından gözlərini qıyan troll Elfiyə baxdı, yırtıcının nəhəng sifəti qorxu və ağrıdan əyildi.

Elfi var gücü ilə çırpındı, yırtıcının caynaqlarından qurtulmağa çalışdı, amma bacarmadı. Bu vəhşinin hər bir barmağı banan boyda idi, ancaq onun kimi yumşaq deyildi. Troll öz “bananları” ilə onun döş qəfəsində ola bütün havanı sıxıb çıxarırdı. İynə kimi iti çaynaqları ilə möhkəm materialdan olan kombinezonu cırıq-cırıq etmişdi. Kombinezon tamamilə cırılıb əyindən çıxsaydı, hər şey bitəcəkdi.

Elfi heç nə fikirləşə bilmirdi. Restoranda aləm bir-birinə dəymişdi. Troll dişlərini qıcırtmışdı, qüvvətli dişləri ilə onun qalpağını parçalamaq istəyirdi. Elfi üfunətli qoxunu hətta filtrlərin arasından da hiss edirdi. Alov trollun kürəyinə yayıldıqca daha da güclənən yanmış yun qoxusu da ətrafı bürümüşdü.

Yırtıcının yaşıl dili şlemin üz qapağını xırçıltı ilə yalayaraq aşağı hissəsini tamamilə tüpürcəyə buladı. Şlemin üz qapağı! Budur, çıxış yolu. Bu, onun yeganə şansıdır. Elfi çətinliklə də olsa bir əlini şlemdəki idarəetmə düymələrinə uzada bildi. Tunel projektorları. Çox güclü işıq şüaları.

O, şlemin üstündəki düyməni basdı, 800 vatt gücündə təmiz və filtrlərlə zəiflədilməmiş gur işıq şlemə quraşdırılmış iki projektordan ətrafa yayıldı.

Troll səndələdi, onun cəhəngindən qulaqbatırıcı fəryad qopdu. Onlarla qədəh və şüşə qablar sınıq-sınıq oldu. Zavallı heyvan üçün bu həddindən artıq idi. Əvvəlcə onu kar etdilər, sonra yandırdılar, üstəlik indi də kor etmişdilər. Şok və ağrı nəhayət ki, yırtıcının xırdaca beyninə təsir etdi və o, şüurunu itirdi. Troll tabe oldu və üzü üstə yıxılaraq bütün bədəni ilə döşəməyə çırpıldı. Elfi iti dişlərdən uzaqlaşmaq üçün cəld kənara sıçradı.

5.Hərəkətli obyektin yerini müəyyən etmək üçün cihaz

Bepul matn qismi tugad.

31 611,09 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8200-9-6
Tarjimon:
Mualliflik huquqi egasi:
Alatoran yayınları / Алаторан

Ushbu kitob bilan o'qiladi