Kitobni o'qish: «Artemis Faul»

Shrift:

Proloq

Artemis Faul… Kimdir o? Bu suala cavab vermək üçün onun daxilinə nəzər salmağa cəhd edənlər çox olub, lakin bir şey çıxmayıb. Bunun səbəbi isə Artemisin, istənilən məsələni tum kimi çırtlaması idi. Artemis Faul tibb elminin görkəmli alimlərini barmağına dolayıb, hətta psixiatrlardan kimsə elə öz şəxsi klinikasına “şüurun dumanlanması” diaqnozu ilə aparılıb.

Artemisin vunderkind olması heç bir şübhə doğurmur. Məsələ ondadır ki, bu cür qeyri-adi şəxsiyyət nə üçün özünü cinayət fəaliyyətinə həsr edib? Bu suala cavabı yalnız bir nəfər bilir və bu insan öz sirrini açmaq fikrində deyil.

Buna görə də Artemis Faulun həqiqi portretini təsvir etməyin ən yaxşı yolu – onun ilk cinayət təcrübəsi haqda danışmaqdır, xüsusən ona görə ki, bu fırıldağın tarixçəsi hazırda geniş yayılmışdır. Aşağıda təqdim edilən hesabat hadisələrin iştirakçıları ilə şəxsi söhbət əsasında qələmə alınmışdır, bu iştirakçılar özləri elə zərərçəkmişlərdir və diqqətli oxucu, şübhəsiz ki, onları danışdırmağın çox da asan olmadığını hiss edəcəkdir.

Hadisə bir neçə il əvvəl, iyirmi birinci əsrin başlanğıcında baş vermişdir və Artemis Faulun, ona ailəsinin keçmiş şöhrətini qaytaracaq olan mükəmməl planını hazırlaması ilə başlanmışdır. Planeti dəhşətli müharibəyə cəlb edə biləcək, bütöv sivilizasiyaları məhv etməyə qadir olan bir plan idi bu.

O zaman Artemis Faulun cəmisi on iki yaşı var idi…

Birinci fəsil
KİTAB

Xo Şi Min şəhəri, yay fəsli.. İnsan standartlarına görə sadəcə dözülməz olan isti. Yəqin heç danışmağa dəyməz, əgər söhbət həddən artıq mühüm bir məsələdən getməsəydi, Artemis Faul dünyada nəyin bahasına olursa olsun, bu cür narahatçılıqla barışmazdı. Onun planının həyata keçməsi üçün çox mühüm olan bir məsələ ortada olmasaydı.

Günəş Artemisin yaraşığını artırmırdı. Əksinə. Dörd divar arasında bilgisayar monitoru qarşısında keçirdiyi uzun saatlar onun dərisini solğunlaşdırmışdı. İşıqda Artemis daha çox vampiri xatırladırdı – onun kimi solğun və qıcıqlandırıcı idi.

– Nökər, mən ümid edirəm ki, bu iz bizi lazım olan yerə aparıb çıxaracaq – deyə o, yavaş, bir qədər boğuq səslə söylədi. – Yoxsa ki, Qahirədə cəhdlərimiz boşa çıxmışdı.

Bu, mülayim məzəmmət idi. Misirə onları Nökərnin adamlarından birinin verdiyi məlumat aparıb çıxarmışdı.

– Bu dəfə yanılmarıq, ser, arxayın ola bilərsiniz. Nquen – etibarlı adamdır.

– Görək də. – Artemis etimadsızlıqla mızıldandı.

Əgər yoldan ötənlərdən kimsə bu nəhəng avropalının hansısa oğlan uşağına dinozavr kimi Nuh əyyamından qalma “ser” deyə müraciət etdiyini eşitsəydi, yəqin ki, çox təəccüblənərdi. Axı, artıq üçüncü minillikdə yaşayırıq. Lakin bu kişi ilə oğlanı tamamilə qeyri-adi münasibətlər birləşdirirdi və onlar sadəcə görünüş üçün özərini turist kimi aparırdılar.

Onlar Donq-Kay küçəsindəki açıq kafedə əyləşib yerli yeniyetmələrin meydanda necə moped sürmələrinə baxırdılar.

Nquen gecikirdi və bu bürküdə faydasız olan çətirin verdiyi cılız kölgə Artemisin əhvalını heç də yaxşılaşdırmırdı. Artemis həmişəki kimi son dərəcə bədbin əhval-ruhiyyədə idi. Onun meydançanı qaşqabaqla nəzərdən keçirən gözlərində arabir ümid qığılcımı görünürdü. Doğrudanmı bu səyahət bir nəticə verəcək? Doğrudanmı onlar Kitabı tapacaqlar? Arzular xam xəyallara bənzəyirdi.

Gözlənilmədən qarson onların masasına yaxınlaşdı.

– Bir çay da gətirim, cənablar? – deyə o, hər bir sözündə baş əyərək iltifatla soruşdu.

– Əyləşin. – Artemis yorğunluqla köks ötürdü. – və məni bu teatral əzilib-büzülmələrinizdən xilas edin.

– Amma ser, mən axı sadə bir qarsonam… – Adəti üzrə o, Nökəryə müraciət etdi, axı o, yaşca daha böyük idi.

Artemis barmaqları ilə masanı döyəcləyərək diqqəti özünə cəlb etdi.

– Siz əl işi olan mokasinlər, ipək köynək geyinmiş və möhürcüklü üç qızıl üzük taxmısınız. Bu birincisi. İkincisi: ingilis dilində siz Oksford ləhcəsində danışırsınız. Üçüncüsü: dırnaqlarınızın mülayim parıltısı bir müddət əvvəl edilmiş manikürdən xəbər verir. Bütün bunlardan sonra sizə necə qarson demək olar? Siz – Nquen Ksuansınız, bizim məlumatlandırıcımız və bütün bu maskaradı ona görə düzəltmisiz ki, üstümüzdə silah olub-olmamasını yoxlayasız.

– Bu doğrudur. – Nquenin çiyinləri aşağı endi. – Son dərəcə qəribədir.

– Qəribə heç bir şey yoxdur. Elə bilirsiniz ki, cırıq önlük geyinməklə dərhal qarsona çevrilmisiz?

Nquen əyləşərək kiçik çini fincanda özünə nanəli çay süzdü. – O ki qaldı silaha… – Artemis davam etdi. – Buyurun, gizlədəcək heç nəyimiz yoxdur. Şəxsən mənim heç bir silahım yoxdur. Amma Nökərdə, mənim… e… xidmətçimdə, nə isə bir şey var. Deməli belə: çiyin qoburunda “Ziq zauer”; sapoqlarında – hərəsində biri olmaqla, iki atma bıçağı, paltarının qolunda irikalibrli, ikigülləli mini-tapança; qol saatında qarotta və bir də ciblərində üç gözyaşardıcı qumbara. Heç nə yadımdan çıxmadı ki, hə, Nökər?

– Dəyənəyi unutdunuz, ser.

– Hə, əlbəttə, bağışla. Üstəgəl dəmir kürəcikləri olan qurğuşun dəyənək, Nökərnin köynəyinin altında gizlədilib.

Nquen fincanı dodaqlarına yaxınlaşdırdı. Əli titrəyirdi.

– Həyəcanlanmayın, – Artemis gülümsündü. – Sizi öldürmək fikrimiz yoxdur. Hələlik.

Bu məlumat nəyə görəsə Nquenin əhvalını açmadı.

– Ümumiyyətlə, bütün bu arsenal görünüş üçündür, – Artemis əlavə etdi. – Nökər sizi artıq yüz dəfə o dünyaya göndərə bilərdi. Boş əllə. Amma yüz dəfə – həddən çoxdur, elə bircə dəfə də yetərdi.

Burada Nquen əməlli-başlı qorxdu. Artemis gözə kül üfürməyi bacarırdı. Amiranə ədalı və yekə-yekə danışan, insanları idarə etməyə alışmış solğun dərili oğlan uşağı. Faul… Əlbəttə ki, bu ad Nquenə tanış idi, həm də beynəlxalq cinayət dünyasında Faullar haqda kim eşitməmişdi ki? Amma ona elə gəlirdi ki, böyük Artemislə görüşəcək, hansısa bir oğlan uşağı ilə yox. Amma bu qaşqabaqlı azyaşlı tipi yəqin ki çox az adam oğlan uşağı adlandıra bilərdi. Bəs onun yanındakı quldur, nə idi onun adı, Nökər? Beləsi heç bir səbəb olmadan adamın onurğasını sındırar, heç uf da deməz. Bax o iri əlləri ilə! Nquen dərhal bu maraqlı kompaniyadan necə aralanmağın yollarını axtarmağa başladı. Cəhənnəm olsun pullar, can daha vacibdir.

– İndi isə keçək əsas məsələyə, – deyə Artemis miniatür diktofonu çıxarıb masanın üzərinə qoydu. Siz bizim internetdəki elanımıza cavab vermisiniz.

Nquen təsdiq əlaməti olaraq başını tərpətdi və öz-özlüyündə Allaha yalvardı ki, onun məlumatı doğru olsun.

– Bəli… mister… ustad Faul… ser. Sizin, necə deyərlər… axtardığınızı… yəni, mən kömək edə bilərəm.

– Doğrudan? Mən sizə sözdə inanmalıyam? Bəlkə siz məni tələyə salmaq istəyirsiniz? Ailəmin düşmənləri mənə kifayət edir.

Nökər əlinin ani hərəkəti ilə gənc ağasının qulağına yaxınlaşan mığmığanı tutdu.

– Yox-yox, – Nquen başını yırğaladı və cib kisəsini çıxardı. – Budur, baxın.

Artemis diqqətlə polaroid şəkillə tanış olmağa başladı. Ürək döyüntülərinə yavaşlamağı əmr etdi. Söz yox, inandırıcıdır, lakin bizim zəmanəmizdə, bilgisayar texnikasının müasir inkişafı dövründə hər bir şeyi saxtalaşdırmaq mümkündür. Fotoşəkildə çoxqatlı, büküşlü kölgədən bayıra çıxan əl görünürdü. Ləkəli yaşıl əl.

– Hm, – o, donquldandı, – sonra?..

– Bu qadındır. Şəfavericidir, Tu-Do küçəsinin yaxınlığında yaşayır. Onun haqqını düyü arağı ilə ödəyirlər. O, həmişə “dəmdir”.

Artemis başını tərpətdi. Həqiqətə bənzəyir. Sərxoşluq. Tədqiqat zamanı aşkara çıxardığı səciyyəvi xüsusiyyətlərdən biri idi. O ayağa qalxdı və köynəyinin qırışlarını hamarladı.

– Çox gözəl. Mister Nquen, yolu göstərin.

Nquen sallaq bığlarından tər damlalarını sildi.

– Yalnız informasiya. Razılaşma belə idi. Mənə artıq lənət lazım deyil.

Nökər xəbərçinin boynunun ardından yapışdı.

– Bağışlayın, mister Nquen, amma indi şərtləri siz diktə etmirsiniz. Sizin vaxtınız bitdi.

Nökər inadcıl vyetnamlını kirayəyə götürülmüş avtomobilə doğru çəkdi. Ümumiyyətlə Xo Şi Min (və ya əvvəllər olduğu kimi Sayqon) küçələrində maşına elə bir xüsusi ehtiyac yox idi, lakin Artemis şəhər əhalisi ilə mümkün qədər az təmasda olmağa üstünlük verirdi.

Cip maşını dar küçələrlə çox yavaş hərəkət edirdi, Artemisin sinəsində getdikcə artan səbirsizlik isə bu tısbağa sürətini daha əzabverici edirdi. O, özünü zorla saxlamışdı, səbri tükənmişdi. Doğrudanmı onların uzunmüddətli axtarışları sona yaxınlaşır? Altı dəfə onlar yanlış izə düşmüşdülər, üç qitədən keçmişdilər – doğrudanmı başdan – ayağa spirt hopmuş bu şəfaverici qadın məhz göyqurşağının qurtaracağında gizlənmiş qızılla dolu küpədir? Şərab buxarlarından ibarət göyqurşağı, onun altında isə – xəzinə. Artemis az qaldı ki, gülsün. İşə bax, o, zarafat fikirləşib. Bu cür hal onun başına hər gün gəlmirdi.

Mopedlər onları balıq karvanındakı balıqlar kimi hər iki tərəfdən əhatə edirdilər. Sanki küçələri doldurmuş kütlənin sonu gəlməyəcəkdi. Hətta dalanlar da hər növ xırdavatçı və dükançalarla dolu idi. Balıq başları, içərisində yağ qaynayan qazanlara tullanırdı. Oğurlamağa bir şey axtaran oğlan uşaqları yoldan keçənlərin ayaqları altında ora-bura qaçırdılar. Yaşca bir qədər kiçik olan oğlan uşaqları isə evlərin kölgələrində əyləşib barmaqları göyərənədək “savaş oyunları”nın düymələrinə basırdılar.

Nquen elə tərləmişdi ki, xaki rəngli köynəyi tərdən tamam islanmışdı. Heç də uşaqlıqdan alışdığı rütubətli bürküdən deyildi. Bunun səbəbi düşdüyü lənətə gəlmiş vəziyyət idi. Görəsən o, niyə bunu düşünməmişdi? Mütəşəkkil cinayətkarlıq hər cür cadugərlik işləri ilə maraqlanmışdı – dərhal başa düşmək lazım idi ki, bu məsələ təhlükəlidir. Nquen susqun halda özünə söz verdi ki, əgər bu vəziyyətdən sağ-salamat çıxsa bir də bu işlərə baş qoşmayacaq. İnternetlə heç bir şübhəli əlaqə qurmayacaq və əlbəttə ki, avropalı sanballı cinayətkar bossların oğulları ilə heç bir iş görməyəcək.

Amma cip ilişdi. Bu şəhərin küçələri maşında gəzmək üçün nəzərdə tutulmamışdı. Artemis vyetnamlıya tərəf döndü.

– Mister Nquen, deyəsən yola piyada davam etməli olacağıq. Əgər qaçmaq istəsəniz – buyurun. Amma kürəkləriniz arasından kəskin və çox güman ki, öldürücü ağrıya hazır olun.

Nquen diqqətlə Nökərnin gözlərinin içinə baxdı. Onlar tünd-göy, demək olar ki, qara rəngdə idilər. Onlarda mərhəmətdən əsər-əlamət belə yox idi.

– Narahat olmayın, – o cavab verdi, – mən qaçmayacağam.

Onlar avtomobildən düşdülər. Çirkli, bürkülü küçədə hərəkət edən fərqli, müxtəlif kalibrli kompaniyanı minlərlə göz şübhə ilə izləyirdi. Yaxınlıqdakı hansısa cibgir Nökərnin pul kisəsini oğurlamağa çalışdı. O da, üzünü çevirmədən, oğrunun barmaqlarını sındırdı. Oğlan uşağı, nəhəng kişi və vyetnamlının ətrafı bir anda boşaldı.

Küçə daha da daraldı və evlərin arasında qıvrılan qazıq-qazıq edilmiş, çirkli bir cığıra çevrildi. Tullantı və çirkablar birbaşa ayaqlar altına tökülürdü. Dilənçilər və əlillər hörmə həsirlərin altındakı adacıqlarda qısılıb qalmışdılar. Yerli sakinlərin çoxu təkcə aciz, heç kimə lazım olmayan bədənə malik idilər, buna görə də burada peyda olmuş üçlük bu yoxsulluq fonunda çox kəskin seçilirdi.

– Hələ çox var? – deyə Artemis vyetnamlıdan soruşdu..

Nquen barmağı ilə paslı yanğın pilləkəninin altındakı qara üçbucaq tərəfə işarə etdi.

– Qadın orada yaşayır, aşağıda və heç zaman oradan çıxmır. Düyü arağının dalınca da kimisə göndərir. Necədir, razısınız? Mən gedə bilərəm?

Artemis sanki sonuncu sualı eşitmədi. Çirkli gölməçələrin üzərindən addımlayaraq pilləkənin altındakı qara dəliyə tərəf yönəldi. Qaranlıqda nəsə tərpəndi.

– Nökər, zəhmət olmasa, eynəyi mənə ver.

Xidmətçi gecə görməsi üçün nəzərdə tutulan eynəyi kəmərindən açaraq Artemisin uzanmış əlinə qoydu. Mexanizm uğuldadı və aparatın obyektivi avtomatik olaraq lazımi işıqlandırmaya sazlandı.

Artemis eynəyi düzəltdi. Ətrafda hər şey yaşıl rəng aldı. Dərindən ah çəkdi və baxışlarını titrəyən kölgələr zülmətinə zillədi. Boş düyü arağı şüşələri ilə əhatələnmş, rafiyadan hörülmüş xalının üzərində hansısa anlaşılmaz varlıq çömbəlib oturmuşdu və həyəcanla tərpənirdi. Artemis gecə gözlüyünü nizamlayıb bir az da diqqətlə baxdı. Varlıqun kiçik, qeyri-adi dərəcədə kiçik, sadəcə cırtdan ölçülü olduğu məlum oldu. Başını çirkli şalın içərisinə salmışdı, bayıra yalnız əl, həm də yaşıl rəngli əl çıxmışdı. Amma digər tərəfdən, gecə görməsi üçün olan gözlükdə hər şey yaşıl görünür axı.

– Madam, – Artemis dedi, – mənim sizə bir təklifim var.

Varlıq yuxulu halda başını titrətdi.

– Araq, – sanki mismarla stəkanı cızan zaman çıxan səs kimi qıcırdayan səslə xırıldadı. – Araq ver, ey ingilis.

Artemis gülümsündü. Aha, dilbilmə bacarıqları, işığa qarşı dözülməz nifrət. Uyğundur, uyğun gəlir…

– Daha doğrusu, irlandiyalı, – o düzəliş verdi. –Mənim təklifimə nə deyirsiniz?

Türkəçarə qarı hiyləgər təbəssümlə arıq barmağını yellətdi:

– Əvvəl içmək, sonra danışmaq.

– Nökər?

Xidmətçi cibinə əl atıb oradan yarım litrlik şüşədə ən yaxşı irland viskisi çıxardı. Artemis butulkanı ondan aldı və pilləkənin altındakı qaranlıqdan bir addım geri çəkilib ağzını marçıldadaraq qadını tamahlandırdı. Eynəyini çıxartmağa macal tapmamış pəncəyə bənzəyən əl qaranlıqdan ona doğru uzanaraq butulkadan yapışdı. Ləkəli yaşıl əl. Şübhəli heç bir şey qalmamışdı.

Artemis qalibanə təbəssümünü güclə saxladı.

– Nökər, dostumuzun haqqını ver, – əmr etdi. – Hamısın. Yadda saxlayın, mister Nquen, hər şey aramızda qalmalıdır. Axı siz Nökər ilə bir daha görüşmək istəmirsiniz, elə deyil?

– Yox-yox, cənab Faul, siz nə danışırsınız! Mənim ağzıma susmaq möhürü vurulub.

– Bunu unutmayın. Yoxsa Nökər dodaqlarınızı ömürlük möhürləyər.

Nquen dalanla çıxıb getməyə başladı, elə bir yüngüllük hiss edirdi ki – bəs necə, sağ qaldı! – hətta amerikan dollar-larından ibarət pul dəstini saymaq heç yadına da düşmədi. O, heç özünə bənzəmirdi. Lakin pulunu tam almışdı – iyirmi min dolların hamısını. Yarım saatlıq iş üçün pis deyil.

Bu arada Artemis eynəyini yenidən taxdı və qadına tərəf döndü:

– Madam, düzünü desəm, yalnız siz mənə kömək edə bilərsiniz.

Qarı dilinin ucuyla ağzının kənarında parıldayan damlanı yaladı.

– Bəli, irlandiyalı. Ağrıyan baş. Çürümüş diş. Mən müalicə edər.

Artemis çöməldi.

– Madam, toz gənələrinə olan yüngül allergiyanı nəzərə almasaq, mən tamamilə sağlamam, amma mənə elə gəlir ki, sizin buna gücünüz çatmaz. Yox, mənə başqa bir şey lazımdır. Sizin Kitabınız.

Qarı donub qaldı. Şalın altından Artemisə baxan gözləri işıltı ilə parladı.

– Kitab? – qarı ehtiyatla soruşdu. – Mən kitab tanımamaq. Mən insanları müalicə etmək. Sən kitab istəyirsən, sən kitabxanaya getmək.

– Siz türkəçarə deyilsiniz, – Artemis yorğunluğunu göstərircəsinə ah çəkdi. – Siz – sehrli insanlardansınız, siz uçan ruhsunuz, sprayt, p’şoq, ka-dalun. Dillər və adlar çoxdur, amma mahiyyət eynidir. Təkrar edirəm, mənə sizin Kitabınız çox lazımdır.

Qarı uzun müddət susdu, bundan sonra ani bir hərəkətlə şalı alnından atdı. Eynəyin yaşıl işığında onun üzü Artemisə Hellouində taxılan maskanı xatırlatdı. Uzun qarmaqşəkilli burnun üstündə qızılı gözlərin yarıqları parlayırdı. Qulaq məməcikləri itiləşmişdi, alkoqola hərislik isə onun dərisinə bozumtul-sarımtıl çalar veriridi.

– Ey insan, əgər Kitab haqqında bilirsənsə, – qarı astaca söylədi (yəqin ki, viski artıq ona təsir etməyə başlamışdı), – onda burada, mənim əlimdə olan sehrli qüvvədən də xəbərdarsan. Mən səni barmağımın bir hərəkəti ilə öldürə bilərəm!

– Şübhə edirəm, – Artemis çiyinlərini çəkdi. – Siz yəqin çoxdandır ki, güzgüyə baxmırsınız. Düyü arağı sizin bacarıqlarınızı kütləşdirib. Siz artıq demək olar ki, meyitsiniz. Bacardığınız bir şey varsa, o da ziyil çıxarmaqdır. Acınacaqlı mənzərədir. Mən bura sizi xilas etmək üçün gəlmişəm… Kitabın əvəzində.

– Nə səbəbdən birdən-birə insana bizim Kitabımız lazım olub?

– Bu artıq sizin işiniz deyil. Beləliklə, sizinlə əməkdaşlığımızın mümkün variantları haqqında…

Türkəçarənin qulaqları azacıq qımıldandı.

– Mümkün variantlar?

– Birinci variant: Siz Kitabı mənə verməkdən imtina edirsiniz və biz sizi bu zibillikdə çürüməyə buraxaraq evə qayıdırıq.

– Razılaşdıq, – qarı tez razılaşdı. – Bu variant məni qane edir.

– Dayanın, tələsməyin. Əgər biz buradan Kitabsız qayıtsaq, maksimum bir gündən sonra siz öləcəksiniz.

– Bir gün sonra? Ha-ha! Bir gün sonra! – Türkəçarə qəhqəhə çəkdi. – Mən sən öləndən sonra hələ yüz il də yaşayacam. Hətta bizimkilərdən bura, insanların dünyasına gələnlər də əsrlərlə yaşayır.

– Amma yarım litr müqəddəs suyu birnəfəsə başına çəkənlər yox, – Artemis barmaqları ilə boşalmış butulkaya döyəcləyərək qeyd etdi.

Qəfildən rəngi qaçan qarı dəhşətli nalə çəkdi.

– Müqəddəs su! Sən məni məhv etdin, ey insan!

– Bu doğrudur, – Artemis etiraf etdi. – Bu dəqiqələrdə sizin daxilinizdə dəhşətli hərarət başlayacaq.

Qarı tərəddüdlə qarnını əllədi.

– Bəs ikinci variant?

– Aha, deməli, siz məni dinləməyə hazırsınız? Yaxşı. Beləliklə, ikinci variant. Siz öz Kitabınızı müəyyən müddətə mənə verirsiniz. Yarım saatdan sonra isə mən sizə həm Kitabınızı, həm də itirilmiş sehrli qüvvənizi qaytarıram.

Qarının çənəsi sallandı:

– Mənə sehrbazlığı qaytarırsan? Lakin bu mümkün deyil!

– Nəyə görə? Elə yaxşı mümkündür ki. Məndə iki ampula var. Onlardan biri Tara dairəsinin altmış metrliyindəki sehrli quyudan götürülmüş əsas sudur. Bu, yəqin ki, yer üzündə olan ən sehrli yerdir. Birinci ampula müqəddəs suyun təsirini neytrallaşdırır…

– Bəs ikincisi?

– …İkinci ampulanın içində isə insan tərəfindən yaradılmış sehrli maddə vardır. Alkoqolla qidalanan virus üstəgəl böyümə hormonu. Bu qarışıq sizin bədəninizdən bütün düyü arağını son damlasınadək yuyub aparacaq, sizi alkoqol asılı-lığından xilas edəcək və hətta dağılmış qaraciyərinizi bərpa edəcək. Əlbəttə, elə də xoşagələn proses deyil, amma bir gündən sonra siz elə gümrah olacaqsınız ki, sanki yaşınız yenə də mindən yuxarı deyil.

Türkəçarə acgözlüklə dodaqlarını yaladı. O, yenə də sehrli xalqın yanına qayıda biləcək? Şirnikləndirici səslənir.

– Bəs mən haradan bilim ki, sənə etibar etmək olar, ey insan? Sən artıq bir dəfə məni aldatmısan.

– Haqlı sualdır. Mən belə bir çıxış yolu təklif edirəm. Əsas suyu mən sizə elə indi verirəm. Amma müalicəvi vasitəni isə mən Kitabı gördükdən sonra verəcəyəm. İstəyirsiniz – razılaşın, istəmirsiniz yox.

Qarı fikrə getdi. Mədəsində artıq xoşagəlməz yanğı başlanmışdı. O, əlini uzatdı:

– Razıyam.

– Mən elə belə də bilirdim. Nökər?

Yekəpər xidmətçi içərisində şpris və iki ampulanın olduğu yumşaq futlyarı açdı. Nökər ampulalardan birinin içərisindəki mayeni şrpisə çəkərək qarının toxunarkən yapışqan kimi olan qoluna vurdu. Qarı bir anlığa donub qaldı, amma elə həmin an da yüngülləşdi.

– Güclü əfsundur, – deyə o, nəfəs verdi.

– Güclüdür, – Artemis təsdiqlədi. – İkinci iynə isə sizə itirilmiş güclərinizi qaytaracaq. Amma əvvəlcə – Kitab.

Əlini çirkli paltarının büküşləri arasına salaraq qarı orada qurdalanmağa başladı. Bu axtarışlar sanki bir əsr davam etdi. Artemis nəfəsini dayandırdı. Budur o… Tezliklə Faullar yenə də möhtəşəm olacaqlar. İmperiya dirçələcək, onun başında isə o – ikinci Artemis Faul dayanacaq.

Nəhayət ki, şəfaverici paltarlarının dərinliyindən sıxılmış yumruğunu çıxardı.

– Onsuz da onun sənə bir faydası olmayacaq. Kitab qədim dildə yazılıb.

Artemis səssizcə başını tərpətdi. O qorxurdu ki, səsi onun gərginliyini üzə çıxardar.

Qarı düyünlü barmaqlarını açdı. Ovcunda kibrit qutusu boyda xırda qızılı bir cild var idi.

– Buyur, ey insan. Sizin otuz dəqiqəniz var. Çox yox.

Nökər ehtiramla kitabı ondan qəbul etdi. Miniatür rəqəmsal kameranı qoşaraq o, nazik səhifələri bir-bir çəkməyə başladı. Bu proses cəmisi bir neçə dəqiqə çəkdi. Tezliklə bütün kitabın içindəkilər fotokameranın çipinə köçürüldü. Lakin Artemis risk etməyi sevmirdi. Dünyanın bütün hava limanlarında quraşdırılmış xüsusi avadanlıq mühüm informasiya daşıyan bu çiplərdən çoxunu məhv etmişdi. Buna görə də o, xidmətçisinə tapşırdı ki, faylı mobil telefona köçürsün, oradan da elektron poçtla Faulların Dublində yerləşən malikanəsinə yollasın. Heç yarım saat keçmədi ki, Kitabın içərisindəkilərin olduğu fayl etibarlı yerə – Faullara məxsus bilgisayar-serverinin yaddaşına ötürüldü.

Artemis xırda cildi qanuni sahibinə qaytardı.

– Sizinlə işləmək çox xoş idi…

Qarı səntirləyərək dizləri üstünə qalxdı.

– Bəs ikinci maddə, ey insan?

– Ah əlbəttə, – Artemis gülümsündü, – sehrli qüvvələri qaytaran maddə. Deyəsən axı, mən həqiqətən söz vermişdim.

– Bəli. İnsan söz verdi.

– Çox gözəl. Amma qabaqcadan xəbərdar etmək istəyirəm: orqanizmin təmizlənməsi – çox ağrılı prosesdir. Çətin ki, xoşunuza gəlsin.

– Necə bilirsən, bütün bunlar mənim xoşuma gəlir? – O, əli ilə onu əhatə edən çirkab və miskinliyi göstərdi. – Mən yenə də uçmaq istəyirəm.

Nökər ikinci ampuladakı maddəni şprisə çəkdi və iynəni qarının yuxu arteriyasına vurdu.

Qarı sanki beli qırılmış kimi yerə yıxıldı və bədəni şiddətlə titrəməyə başladı.

– Gedək burdan, – Artemis xidmətçisinə tərəf döndü – İndi son yüz il ərzində qəbul etdiyi bütün alkoqol onun bədənindən çıxacaq. Heç də xoşagələn mənzərə olmayacaq.

Nökərlər Faullara artıq bir əsrdən çox xidmət edirdilər. Faullar nə vaxtdan var idilərsə, elə o vaxtdan onların yanlarında sadiq Nökərlər olmuşlar. Bəzi məşhur linqvistlər ciddi olaraq hesab edirlər ki, eyni adlı peşə öz adını məhz Nökər soyadından götürüb. Əslində isə, bu qeyri-adi birlik barədə ilk əlyazmalar böyük səlib yürüşlərindən birinin vaxtlarına təsadüf edir, o zamanlar Vercil Nökər adlı bir şəxs müqavilə üzrə lord Huqo de Faul üçün xidmətçi, aşbaz, cangüdən qismində tutulmuşdu.

İsraildə indiyədək özəl tədris mərkəzi vardır, burada Nökər nəslinin nümayəndələri on yaşlarından təlim keçirlər. Məhz orada onlar, Faullar nəslinin qorunması üçün zəruri olan xüsusi bacarıqları öyrənirlər ki, buraya yüksək səviyyəli kulinariya, sərrast atış, hərb sənətinin incəlikləri, ilkin tibbi yardım göstərmək bacarığı və informasiya texnologiyalarına yiyələnmək aiddir. Əgər onlar təlimi bitirərkən Faullardan heç birinin xidmətçiyə ehtiyacı olmazdısa, o zaman, onları çox böyük həvəslə müxtəlif kral evlərinə, əsasən Monakoya və ya Səudiyyə Ərəbistanı krallıqlarına qəbul edirdilər.

Lakin əgər Nökərlərdən kimsə Faullardan kimisə öz himayəsinə götürürdüsə, onlar heç zaman ayrılmırdılar. Bəli, iş ağır, cansıxıcı iş idi, lakin mükafatı da artıqlaması ilə edilirdi – əlbəttə, bu mükafatdan istifadə etmək üçün sağ qalmaq imkanı olduqda. Əks halda Nökər ailəsi altırəqəmli ədədlə ifadə olunan səxavətli kompensasiya, üstəgəl aylıq pensiya alırdı.

İndiki Nökər gənc Artemisi artıq on iki ildi, yəni o, doğulandan bəri qoruyurdu. Əsrlərdən bəri yaranmış qaydalara riayət etmələrinə baxmayaraq, onların münasibətləri adi ağa və xidmətçi arasındakı münasibətlərdən daha yaxın idi. Mahiyyət etibarilə, Artemis Nökər üçün ən yaxın dosta çevrilmişdi, Nökər isə öz növbəsində Artemisə onun atasını əvəz etmişdi (bütün əmrlərini bir-bir yerinə yetirən ata – hər bir oğlanın arzusudur).

Hava limanınadək bütün yolu Nökər təmkinlə susdu və yalnız Banqkokdan Xitrouya uçan təyyarənin bortunda dillənməyə cəsarət tapdı:

– Ser?

Artemis gözünü noutbukunun ekranından ayırdı. O, artıq Kitabın tərcüməsinə başlamışdı.

– Nədi?

– Bu türkəçarəçi… Onun əlindən Kitabı sadəcə almaqdan asan nə var idi ki? Öz sehri olmadan qarı çox yaşamazdı.

– Meyid – hər zaman dəlildir, Nökər. Belədə isə sehrli xalqcığın şübhələnmək üçün heç bir səbəbi olmayacaq.

– Bəs qarının özü?

– Çətin ki, o, Kitabı insanlara göstərdiyini etiraf etsin. Lakin mən qabaqcadan işimi ehtiyatlı tutub, ikinci ampulaya qismən amneziya yaradan maddə qatmışdım. Son həftənin bütün hadisələri onun yaddaşından silinəcək.

Nökər ehtiramla başını tərpətdi. Hamını və hər şeyi iki addım qabaqlamaq – budur cənab Artemisin dəst-xətti. Necə deyərlər, ot kökü üstə bitər. Amma yox, ustad Artemis ot deyil, o, artıq yeni bir ağacdır və onun kimiləri dünya hələ görməyib.

Bir qədər sakitləşərək Nökər “Silah və hərbi sursatlar”ın yeni nömrəsini oxumağa qayıtdı. Bəs kainatın sirrləri?… O, bu məsələlərdə bütünlüklə öz gənc ağasına etibar edirdi.

İkinci fəsil
TƏRCÜMƏ

Siz yəqin artıq anladınız, öz məqsədinə çatmaq üçün Artemis Faul demək olar, hər şeyə hazır idi. Bəs bu nə məqsəd idi? Durub dünyanın o başına getmək, alkoqol iliyinə işləmiş türkəçarəçi qarını şantaj etmək nəyə lazım idi? Cavab çox sadədir. Hər şeyin səbəbi – qızıldır.

Artemisin axtarışları yuxarıda təsvir edilmiş hadisələrdən iki il əvvəl, o, İnterneti özü üçün kəşf etdiyi zamandan etibarən başlanmışdı. Tezliklə Artemis qeyri-adi hadisələrə:

insanların yadplanetlilər tərəfindən oğurlanmasına, UNO-larla görüş və s.-dən bəhs edən saytlara rast gəldi. Lakin han-sısa qəribə irqin mövcudluğu haqda məlumat onu xüsusilə maraqlandırdı.

Giqabaytlarla məlumatları nəzərdən keçirərək, o, yüzlərlə istinad aşkara çıxardı. Dünyanın hər bir ölkəsində bu sehrli varlıqları bir cür adlandırırdılar, lakin Artemis bir saniyə də olsun şübhə etmirdi ki, söhbət eyni irqdən gedir. Bir neçə dəfə hətta bu sirli xalqcığın hər bir nümayəndəsində olması vacib olan Kitab da təsvir olunmuşdu, içərisində sehrli varlıqların tarixi və onların riayət etməli olduqları ehkamlar təsvir edilmiş Bibliyaya bənzər kitab. Adi insanlar onun sehrli mətnini oxuya bilməsinlər deyə, aydın məsələdir, Kitab cırtdanların dilində yazılmışdı.

Lakin Artemis, texnologiyaların çağdaş imkanlarında Kitabın çevrilməsini tamamilə mümkün olan bir iş hesab edirdi. Sonra isə… Təkcə bu qeyri-adi varlıqların, Kitabın sahiblərinin bütün sirlərini öz xeyrinə istifadə etmək qalır.

“Öz düşmənini tanı” – Artemisin devizi belə idi. Bu oğlan problemin həllinə tamamən baş vurmuşdu və sehrli xalqcıq üzrə ensiklopediya hazırlamışdı.

Lakin bu az idi. O zaman Artemis İnternetdə belə bir elan yerləşdirdi.: “İrlandiyalı biznesmen elf, leprekon, sprayt, piksi və ya sehrli tayfanın istənilən digər nümayəndəsi ilə görüş üçün amerika dollarları ilə böyük məbləğdə pul ödəməyə hazırdır”. Bundan sonra yağış kimi yağan təkliflərin əksəriyyəti saxta çıxdı, lakin Xo Şi Minə səfər onun bütün gözləntilərini üstələdi.

Yəqin ki, Artemis planetdə yaşayan yeganə insan idi ki, öz qeyri-adi tapıntısından maksimal qazanc əldə etmək istəyirdi. Birincisi o, hələ sehrbazlığa öz uşaq inamını itirməmişdi, ikincisi də bu sehrə sahib olmaq qətiyyəti onun inamını daha da möhkəmləndirirdi. Bu qiymətli xəzinələri sehrli xalqcığın əlindən ala biləcək bir kimsə var idisə o da – ikinci Artemis Faul idi.

Dublindəki malikanələrinə Artemis Faul və Nökər səhərə yaxın çatdılar. Artemis bilgisayarın arxasına keçmək və Kitabla işləmək üçün səbirsizlənirdi, amma o, əvvəlcə anasına baş çəkməyi qərara aldı.

Angelina Faul yataq xəstəsi idi. Onun xəstəliyi əri itkin düşdükdən dərhal sonra başlanmışdı. “Hər şeyin səbəbi sinir gərginliyidir, – həkimlər belə deyirdilər. – Heç nə ilə kömək etmək mümkün deyil, yalnız sakitlik və yuxu dərmanları lazımdır”. Anası artıq bir il idi ki, xəstə idi.

Anasının otağına aparan pilləkənin alt qatında Nökərnin kiçik bacısı Cülyetta əyləşmişdi. Parıltılı kiprik tuşu qızın divarı deşən qaşqabaqlı baxışını daha da ifadəli edirdi. Artemis Cülyettanı artıq bir dəfə bu vəziyyətdə görmüşdü – həmin gün Cülyetta bir sırtıq heyvərəni, pizza daşıyanı supleksləmişdi. “Supleksləmə”, Artemisin başa düşdüyü qədər idman mübarizəsinin fəndlərindən biridr. Qız uşağı üçün tamamilə qeyri-adi məşğuliyyətdir. Nə isə, axı o Nökərlər nəslindən idi…

– Cülyetta, nəsə baş verib? Cülyetta tələsik başını qaldırdı.

– Mən çox təqsirkaram, Artemis. Yəqin mən pərdələri yaxşı bağlamamışam. Missis Faul bu gecə gözlərini heç yummayıb.

– Hm, – deyərək Artemis palıd ağacından düzəlmiş pillələrlə asta-asta yuxarı qalxmağa başladı.

Anasının vəziyyəti onu narahat edirdi. Anası artıq çoxdan idi yataq otağını tərk etmir və adam arasına çıxmırdı. Lakin digər tərəfdən, əgər o, hansısa sehrli bir yolla həyata qayıtsaydı, Artemisin hüdudsuz azadlığının sonu gələcəkdi. Yenidən məktəbə getmək lazım gələcəkdi və – əlvida, qanunsuz həyat.

O, ehtiyatla ikitaylı qapını döydü.

– Ana? Yatmısan?

Qapının o biri tərəfində nəsə sındı. Gələn səsdən belə başa düşmək olardı ki, sınan nəsə qiymətli bir əşya idi.

– Yoox, yatmıram! Belə gözqamaşdıran işıqda mən necə yata bilərəm?!

Artemis kandarı keçməyə risk etdi. Məxmər pərdələr arasındakı çox ensiz yarıqdan solğun işıq zolağı düşərək, qədim, bəzəkli çarpayıya sərt kölgələr buraxırdı. Angelina Faul yumaq kimi büzüşərək çarpayının bir küncünə qısılmışdı; onun solğun əlləri alaqaranlıqda səyriyirdi.

– Artemis, balacan, sən harada idin? –

Artemis köks ötürdü. Anası onu tanıdı. Yaxşı əlamətdir.

– Məktəb ekskursiyasında idim, anacan. Avstriyada xizəklə sürüşürdüm.

– A-a, xizəklə… – Angelina uzatdı. – Xizəklə sürüşməkdən ötrü necə də darıxmışam! Bəlkə atan qayıdanda, biz hamımız…

Artemis boğazında qəhər hiss etdi. Lakin hisslərin ona xas olmayan təzahürünün cəld öhdəsindən gəldi.

– O, mütləq qayıdacaq, anacan.

– Oğlum, sən bu lənətə gəlmiş pərdələri bağlaya bilərsən? Qorxunc, dəhşətli işıqdır!

– Əlbəttə, anacan.

Artemis əlləri ilə yoxlaya-yoxlaya, necə gəldi durmuş paltar sandıqlarını dolanıb keçərək otağın o biri tərəfinə keçdi. O, qəfildən pəncərələri taybatay açmaq istəyi hiss etdi, lakin… Artemis sadəcə bir dəfə də köks ötürdü və pərdələri bağladı.

– Çox sağ ol, əzizim. Yeri gəlmişkən bu qulluqçudan canımızı qurtarmalıyıq. O, heç bir işə yaramır.

Artemis dilinin ucunda olan sözləri güclə saxladı. Cülyetta artıq üç ildi onların evində xidmət edirdi və bu müddət ərzində özünü çox yaxşı aparmışdı. Lakin anasının xəstəliyi ona bəzi üstünlüklər verirdi.

– Əlbəttə, sən haqlısan, ana. Mən çoxdandır bunu etmək istəyirdim. Həm də Nökərnin bir bacısı var, o, bu işin öhdəsindən yaxşı gələr. Deyəsən, mən onun haqqında sənə artıq danışmışam. Onun adı Cülyettadır.

– Cülyetta? – Angelina üz-gözünü turşutdu. – Hə, hə, adı sanki tanış gəlir. Nə isə, indi bizdə işləyən qızdan pis olmayacaq. O, nə vaxt işə başlaya bilər?

– Elə bu gün. Qız qonaq otağında gözləyir. Mən Nökərdən xahiş edəcəyəm ki, onu sənin yanına gətirsin..

– Sən çox xeyirxah oğlansan, Artemis. İndi isə gəl ananı öp.

Artemis anasının geniş xalatının kölgəsinə tərəf addımladı. Xoş, güclə sezilən ətir hiss etdi – gölməçənin səthində üzən gül ləçəklərindən bu cür ətir gəlir. Angelina Faulun əlləri soyuq və zəif idi.

– Mənim əzizim… – anası pıçıldadı və bu pıçıltıdan Artemisin tükləri ürpəşdi. – Mən qəribə şeylər eşidirəm. Gecələr. Onlar balışların üzəri ilə sürünürlər, mənim qulaqlarıma girirlər…

Artemis yenə də qəhərləndiyini hiss etdi.

– Anacan, bəlkə mən pərdələri açım?

– Yox! – Anası ağladı və qollarını boşaltdı. – Bircə bunu etmə. Axı o zaman mən onları görərəm!

– Ana, xahiş edirəm…

Lakin onu dilə gətirmək faydasız idi. Angelina yenə yatağın uzaq küncünə qısıldı və yorğanı çənəsinədək üstünə çəkdi.

– O təzə qızı buraya göndər.

– Yaxşı, anacan.

– Qoy mənə doğranmış xiyar və su gətirsin.

– Oldu, anacan.

Angelina oğluna şübhəli nəzərlərlə baxdı.

– Bir də ki, bəsdir məni ana deyə çağırdın. Bilmirəm kimsən, amma dəqiq bilirəm ki, mənim balaca Artim deyilsən.

Artemis qəzəblə gözlərini qırparaq axmaq istəyən göz-yaşlarını saxladı..

– Əlbəttə. Bağışla, a… madam.

– Hm. Bir də buraya gəlmə, yoxsa mənim ərim sənin dərsini verər. Kişim çox mühüm adamdır, yoxsa onun haqda eşitməmisən?

– Yaxşı, missis Faul. Siz məni bir daha görməyəcəksiniz.

– Lap yaxşı. – Angelina qəflətən donub qaldı. – Budur, budur, gör onları eşidə bilirsən?

Artemis başını yırğaladı:

– Mən heç bir şey eşitmirəm…

– Onlar dalımca gəlirlər. Onlar hər yerdədirlər.

Sığınacaq axtarışıya Angelina başını yorğanın altına saldı. Onun qorxu dolu hıçqırıqları pilləkəndən düşərkən bütün yol boyu Artemisi izləyirdi.

Kitab Artemisin düşündüyündən daha inadcıl çıxdı, bütün gücü ilə – əgər “güc” sözünü ümumiyyətlə kitaba aid etmək olarsa – müqavimət göstərirdi. Hansı proqramdan keçirməsindən asılı olmayaraq, nəticə yox idi.

Artemis hər bir səhifəni çap edərək tam mənzərəni görmək üçün onları kabinetin divarlarından asdı. Belə mətnə Artemis hələ rast gəlməmişdi, eyni zamanda hərflər təccüblü dərəcədə tanış gəlirdi. Bu, simvollar və işarələrin qarışığı idi, həm də sanki hər bir səhifədə hərfləri necə gəldi, təsadüfi yerləşdirmişdilər.

Bilgisayar proqramına hansısa hesabat sistemi, çıxış nöqtəsi lazım idi. Artemis hər bir işarəni ayrılıqda götürdü və ingilis, çin, yunan və ərəb əlifbaları ilə tutuşdurdu. Kirill əlifbasını da yoxladı, hətta qədim irlandiya və kelt əlifbalarını da gözdən keçirdi. Bütün çarpışmaları sonucsuz qaldı.

Artemis yavaş-yavaş öfkələnməyə başlamışdı. Sendviç gətirərək onu işindən ayıran Cülyettanı da qovdu və simvolları öyrənməyə başladı. Ən çox rast gələn simvol kişi fiqurunu ifadə edən piktoqram idi. Artemisin ehtimalına görə kişi fiquru idi, amma onun sehrli xalqcığın anatomiyası sahəsində cüzi biliklərə malik olduğunu nəzərə alsaq, fiqur qadın cinsinə də məxsus ola bilərdi. Qəfildən Artemisin başına bir fikir gəldi. “Ən güclü tərcüməçi” proqramında o, “Qədim dillər” qovluğunu açdı və misir dilini seçdi.

Nəhayət ki! Tapıldı. Kişi fiquru Tutanxamonun məqbərəsinin daxili divarlarında aşkarlanmış və Anubis allahını ifadə edən simvola eynilə bənzəyirdi. Bu, Artemisin digər axtarışları ilə də tam uyğunlaşırdı. Qədim yazı abidələri sehrli xalqcığı insanlardan əvvəl yaşamış sivilizasiya kimi təsvir edirdi. Yəqin ki, misirlilər sadəcə olaraq onlara qədər mövcud olmuş yazını götürüb öz ehtiyacları üçün uyğunlaşdırmışdılar.

Simvollar bir-birlərinə çox bənzəyirdilər, lakin fərq də çox böyük idi – bilgisayar proqramı onlar arasındakı əlaqəni tuta bilmirdi. Bütün işləri əllə görməkdən başqa bir əlac qalmırdı. Cırtdan dilinin hər bir işarəsini böyütmək, printerdə çap etmək, daha sonra ieroqliflərlə müqayisə etmək lazım gəldi.

Artemisin ürəyi şiddətlə döyünürdü, o, artıq uğuru hiss edirdi. Hər bir sehrli işarə, hər bir piktoqram ieroqliflər içərisində oxşar simvollara malik idi. Universal işarələr də var idi – məsələn, günəş və ya quş. Lakin bir şey çox müəmmalı görünürdü, uyğun variantı tapmazdan qabaq əməlli-başlı baş sındırmaq lazım idi. Məsələn, Anubisin fiquru. Burada çaqqal-allahın nə rolu var? Buna görə də Artemis bu simvolu sehrli xalqcığın kralı kimi deşifrə etdi.

Gecə yarısına yaxın Artemis nəhayət ki, öz axtarışlarının bütün sonuclarını bilgisayara yüklədi. İndi ona ancaq “Deşifrə et” əmrini vermək lazım idi. O, belə də etdi və anlamsız cəfəngiyyatla dolu bir yığın səhifə aldı.

Normal uşaq çoxdan bu tapmacaya tüpürərdi. Adi böyük insan klaviaturanı divara çırpmaqla işi bitirərdi. Lakin Artemis belə deyildi. Kitab ona meydan oxuyrdu və o, hansısa aciz bir kitabcığa məğlub ola bilməzdi.

İşarələr düzgün şifrələnmişdi, o buna zərrə qədər də şübhə etmirdi. Çox güman ki, bütün məsələ onların ardıcıllığında idi. Artemis yumulan gözlərini ovuşdurdu və gözlərini acıqla Kitabın səhifələrinə zillədi. Mətn, bir-birindən qalın xəttlərlə ayrılmış ayrı-ayrı hissələrdən ibarət idi. Bu xətt fəslin və ya abzasın sonunu bildirə bilərdi, lakin adət edilən ardıcıllıqda – soldan sağa – sətirləri oxumaq mümkün deyildi.

Artemis eksperiment etmək qərarına gəldi. O, ərəb dilində – sağdan sola və çin dilində – sütun boyu yuxarıdan aşağıya oxumağa çalışdı. Lakin heç bir şey alınmadı. O zaman Artemis fikir verdi ki, hər bir səhifənin bir ümumi hissəsi – mərkəzi sektoru var. Digər piktoqramlar bu sahənin ətrafında düzgün sıra ilə yerləşmişdilər. Bəlkə elə budur çıxış nöqtəsi? Lakin bəs hansı istiqamətə hərəkət etmək lazımdır? Artemis artıq neçənci dəfə Kitabı vərəqlədi ki, bəlkə təkrarlanan, ümumi işarələr tapsın. Bir neçə dəqiqə sonra o, belə işarələri tapdı. Hər bir səhifədə sektorlardan birinin küncündə nizə ucluğuna bənzəyən kiçicik bir ox işarəsi vardı. Bəlkə bu elə istiqamət verən göstəricidir? Nə isə “O tərəfə oxu” kimi bir şeydir? Nəzəri olaraq belə alınırdı ki, mərkəzdən başlamaq, daha sonra ox işarələrinə əsaslanaraq spiral üzrə oxumaq lazım idi.

Bilgisayar proqramı bu cür məsələnin həlli üçün nəzərdə tutulmamışdı, buna görə də Artemis improvizasiya etməli oldu. Kağız kəsən bıçağın və xətkeşin köməyilə o, Kitabın birinci səhifəsini zolaqlara ayırdı və onları qərb dilləri üçün ənənəvi olan qaydada – soldan sağa paralel sıralarla düzdü. Daha sonra səhifəni yenidən daradı (skan etdi) və misir dilindən modifikasiya olunmuş tərcümə proqramından keçirdi.

Bilgisayar uğuldayaraq, informasiyanı ikili koda çevirdi. Arabir dayanaraq bu və ya digər işarənin tərcüməsi üçün təsdiq sorğusu verirdi. Lakin maşın yeni dili öyrəndikcə bu hal getdikcə daha gec-gec baş verirdi. Nəhayət ki, ekranda iki söz yazıldı “Fayl çevirildi”.

Artemis yorğunluqdan və həyəcandan titrəyən barmaqları ilə “Çap etmək” düyməsinə basdı. Lazer printerindən cəmisi bircə səhifə çıxdı. Səhifə ingilis dilində idi. Düzdür, bəzi yerlərdə səhvlər var idi, çox şeyləri təmizləmək və düzəliş etmək lazım idi, lakin başlıcası – mətn oxunurdu. Bundan daha mühümü isə o idi ki, onu anlamaq mümkün idi.

Bir neçə minillikdən sonra sehrli dil yenidən deşifrə olunmuşdu. Bunu heç kim yox, Artemis etmişdi. Oğlan masaüstü lampanı yandırdı və oxumağa başladı.

Sehrli Xalqın sehrbazlıq sənətinin təlimatlarını və müxtəlif həyat qaydalarını özündə ehtiva edən Kitabı


 
Sən məni qoru, həmişə özünlə gəzdir.
Mən otların və ovsunların sirrini sənə açaram,
Mən sehrli biliklər dünyasına gedən yolu göstərərəm.
Məni unutsan – sehr də olmayacaq..
 
 
Sehrli ehkamlar cəmisi yüzdür
Sehrbazlığı necə idarə etməyə cavab verəcək
          Ovsun, dərman, əlkimyanın sirrlərini —
Sənə hər şeyi danışacam, bütün məsləhətləri verəcəm.
 
 
Lakin yaxşı yadda saxla:
          Mən torpaq üzərində qaynaşan
          Aciz mənənələr üçün deyiləm
          Mənim sirrlərimi insanlara verənə
          Əsrlər boyu lənətlər olsun.
 

Artemis nəbzini qulaqlarında hiss etdi. Nəhayət ki, bu varlıqlar onun əlindədirlər! Qədim sirrlər onun ağlının gücü və texnologiyaların əzəməti qarşısında geri çəkildilər. Qəfildən onu dəhşətli yorğunluq bürüdü və o taqətsiz halda özünü kürsünün üzərinə atdı. Hələ nə qədər iş görmək lazımdır! Başlanğıc üçün – qalan qırx üç səhifəni tərcümə etmək lazımdır.

O, selektorun düyməsini basdı.

– Nökər, Cülyettanı da götür, ikiniz də yuxarı qalxın. Sizin üçün bir-iki tapmacam var.


Yəqin ki, ailə tarixçəsinə kiçik ekskursiya etməyin vaxtı gəlib çatdı.

Faullar cinayət dünyasının əsl əfsanəsi idilər. Faullar nəslinin bir neçə qolu kölgədən gün işığına çıxmaq üçün kifayət qədər vəsait yığanadək qanun və hüquq qaydaları əleyhinə gizli müharibədə iştirak etmişlər. Lakin demək olmaz ki, parlaq işıq onların xoşuna gəlmişdi və Faullar tezliklə öz qaranlıq işlərinə qayıtmışdılar.

İyirminci əsrin sonlarında Faulların ailə vəziyyətləri təhlükə altına düşdü və bunun təqsirkarı bizim qəhrəmanımızın atası – Birinci Artemis idi. Kommunist Rusiyasının dağılmasından sonra böyük Artemis, Faulların kapitalının əksər hissəsini nəqliyyat daşımalarına yatırmaq qərarına gəldi: o, çox məntiqi olaraq düşünürdü ki, yeni istehlakçılara yeni istehlak malları tələb olunacaq. Təbii ki, rus mafiyası onların qanuni ərazisinə müdaxilə etmək istəyən qərbli işbazı sevinclə qarşılamadı və ona kiçicik xəbərdarlıq göndərmək qərarına gəldi. Bu xəbərdarlıq – “Faul ulduzu” gəmisi Murmansk limanı akvatoriyasından keçərkən onun üzərinə buraxılmış – əlbəttə ki, oğurlanmış – “stinger” raketi formasını aldı. Təsadüfdən, Artemis Faul özü şəxsən Nökərnin dayısı və 250 000 koka-kola çəlləyi ilə birlikdə gəminin bortunda idi. Bir sözlə, partlayış çox güclü oldu.

Faullar ailəsi ümidsizliyə qapılmadı, əsla. Lakin onlar mal-dövlətlərinin əhəmiyyətli bir hissəsindən məhrum oldular. Bax elə o zaman İkinci Artemis ailəsinin işlərini düzəldəcəyinə and içdi. O, Faullara əvvəlki şöhrəti qaytaracaqdı. Bunu özünəməxsus, unikal bir yolla həyata keçirəcəkdi.

Kitabın tərcüməsi sona çatırdı. Nəhayət ki, Artemis gələcək addımların planını işləyib hazırlamağa başlaya bilərdi. Məqsəd olduğu halda, sadəcə bu məqsədə necə çatmağı düşünmək qalırdı.

Aydındır ki, Artemisin məqsədi qızıl idi. Çoxlu qızıl. Artemisə məlum olduğu qədər, sehrli xalqcıq qiymətli metalları heç də insanlardan az sevmirdi. Yaxşıca gizlədilmiş qızıl dolu küplər və sairə… Lakin əgər, Artemisin hazırladığı plan işə düşsə, tezliklə hər şey başqa cür olacaq. Sehrli xalqcığın ən azından bir üzvünün cibləri boş qalacaq.

On səkkiz saatlıq möhkəm yuxudan və yüngül, lakin doyumlu səhər yeməyindən sonra Artemis, ona atasından irsən keçmiş kabinetinə qalxdı. Tünd rəngli palıd panellər və döşəmədən tavanadək uzanan kitab rəfləri – Artemisin buraya daxil etdiyi bilgisayar texnikasının ən yeni nailiyyətləri ilə güclə uyğunlaşan tamamən ənənəvi bir şəraitdir. Künclərdə vahid şəbəkəyə qoşulmuş AppleMacs bilgisayarları uğuldayırdı. Onlardan biri qarşı divara CNN saytını proyeksiya edirdi – orada ən yeni xəbərlərin nəhəng şəkilləri sayrışırdı.

Nökər artıq kabinetdə idi, maşınların işinə nəzarət edirdi.

– Bilgisayarların hamısını söndür, – deyə Artemis otağa daxil olaraq əmr etdi. – Kitabla işləyən bilgisayardan başqa, hamısını. Mənə sakitlik lazımdır.

Bu əmri eşidən xidmətçi açıqdan-açığa təəccüblənmişdi. CNN saytı artıq bir ildir ki, fasiləsiz işləyirdi. Artemis şübhə etmirdi ki, atasının möcüzəli xilası haqda xəbər nə zamansa mütləq veriləcək. Xəbər saytını söndürməyi əmr etmək yalnız bir şeyi bildirirdi: gənc Faul nəhayət ki, artıq baş verənlərlə barışıb.

– Bilgisayarları söndürmək? Mən düzgün eşitdim, ser?

Bir neçə saniyə Artemis uzaqdakı divara baxdı.

– Bəli, – nəhayət o, cavab verdi. – Tamamilə doğrudur.

Nökər ərk edərək əlini ehtiyatla öz ağasının çiyninə vurdu – cəmisi bircə dəfə, daha sonra Kitabın yanına qayıtdı. Aretmis barmaqlarını şaqqıldatdı. Sevimli məşğuliyyətə – məkrli planların hazırlanmasına başlamaq vaxtıdır.

Üçüncü fəsil
ELFİ

Elfi Balacaboy yatağında uzanıb hirsindən tir-tir əsirdi. Bunda qeyri-adi heç nə yox idi. Ümumiyyətlə leprekonlarda1 mehribanlıq olmur. Lakin Elfi hətta sehrli xalqcığın gözündə də həddindən artıq pis əhval-ruhiyyədə idi (fey və elflər2 yalnız nağıllarda mehriban və şən varlıqlar olurlar). Yeri gəlmişkən, Elfi formal olaraq elf idi. O həm də leprekon idi, amma yalnız fəaliyyətinə görə.

Bəlkə də oxucuya Elfinin xarici görkəmini təsvir etmək onun mənşəyi haqqında mühazirə oxumaqdan daha çox şey deyə bilər. Elfi Balacaboyun dərisi qoz qabığı kimi açıq qəhvəyi rəngdə idi, qısa vurulmuş kürən saçları və qonur gözləri vardı. Burnu azca aşağıya doğru əyilmişdi, dodaqları körpə uşağın ağzı kimi yupyumru idi; ulu babasının məşhur Kupidon olduğunu nəzərə alsanız, bunlar sizə metafora kimi görünməz. Elfinin anası Avropa elflərinin nəslindən idi, coşğun temperamenti və gözəl qaməti ilə dillər əzbəri olmuşdu. Elfi də anasına bənzəyirdi. Onun uzun və ucları ensiz barmaqları elektrikli polis dəyənəyini tutmaq üçün ideal dərəcədə uyğun idi. Daha nə var? Sivri qulaqlar – əlbəttə, bunu deməyə ehtiyac yoxdur… Hə, bir də boyu. Düz bir metrdir, elflərin orta boyundan bir-iki santimetr qısa! Amma bəzən bircə santimetr də həlledici rol oynaya bilər, xüsusən bu santimetrlərin çox az olduğu zaman.

Elfi daha çox mayor Roota qarşı acıqlı idi. Mayor ilk gündən onun əleyhinə çıxmışdı. Başqa cür ola da bilməzdi, Legionun bütün tarixi ərzində ilk qadın-polis məhz onun korpusuna daxil edilmişdi! Root bunu özünə təhqir kimi sayırdı. Yeraltı kəşfiyyat korpusunda xidmət etmək asan deyildi, burada ölüm halları Legionun başqa korpuslarına nisbətən daha çox olurdu, buna görə də Root belə hesab edirdi ki, onun korpusunda qızlara yer yoxdur.

Eybi yoxdur, – deyə Elfi öz-özünə mızıldandı, – o öz fikrini dəyişməyə məcbur olacaq. Boş yerə heç vaxt xidməti buraxmaram – Rootlar məni buna məcbur edə bilməz.

Lakin onun qanını qaraldan başqa bir səbəb də var idi, hərçənd Elfi özü bunu etiraf etmək istəməzdi. Bu Ritual idi. O, ayın bədrləndiyi gecələrdə dalbadal bir neçə dəfə bu ritualı yerinə yetirmək istəmişdi, amma hər dəfə ona nə isə mane olurdu. Əgər Root onun sehrli qüvvəsinin tükənməkdə olduğunu bilsə, dərhal onu növbətçi vəzifəsinə qoyar.

Elfi döşəkdən qalxıb kövrək addımlarla duş qəbul etməyə getdi. Yer nüvəsinin yaxınlığında yaşanan həyatın bir üstünlüyü də budur ki, evində həmişə isti su olur. Əlbəttə, burdan günəş görünmür, ona görə də yalnız süni işıqlanma-dan istifadə edilir, lakin insanlardan uzaqda yaşamaq imkanı əldə etmək üçün bu elə də böyük qiymət deyil. Yerin altı. Üstdəkilərin, yuxarıdakı bu adamcığazların öz uzun burunlarını hələ soxmadıqları yeganə yer, planetdə axırıncı zona. Uzun iş günündən sonra evə qayıdaraq qoruyucu ekranı çıxarıb köpüklənən palçıqlı hovuza girməkdən yaxşı heç nə yoxdur. Əsl ləzzətdir.

Elfi geyindi, tünd yaşıl rəngli kombinezonunu çənəsinə qədər bağladı və şlemi başına keçirtdi. LEPrekonun indiki mundirləri əvvəlkilərdən daha rahatdır. Bu bölmənin döyüşçülərinin vaxtilə məcbur olub geydikləri qədim kostyumlar həmişəlik keşmişdə qalıb. İpli ayaqqabılar, bric şalvarlar, düz sözümdür!

İnsanların düzüb-qoşduqları nağılların hamısında leprekonların belə axmaq görkəmdə təsvir edilməsi təəccüblü deyil. Hərçənd… Əgər bu üstdəkilər birdən öyrənsəydilər ki, əslində “leprekon” sözü LEPrekon, yəni, “Legion Polisləri, Yeraltı Kəşfiyyat Korpusu Nümayəndələri” adlı seçmə bölmənin adından əmələ gəlib? Onda nə olardı? O andaca leprekonların ovuna çıxardılar. Yox, artıq diqqət cəlb etmək nəyə lazım, qoy yuxarıdakılar bundan sonra da öz fikirlərində qalsınlar…

Yer üzündə ay görünməyə başlamışdı, buna görə də qəlyanaltı etməyə demək olar ki, vaxt yox idi. Elfi qaça-qaça soyuducudan gicitkənli yoqurt şüşəsini götürüb özünü tunelə atdı. Həmişəki kimi mərkəzi küçədə xaos hökm sürürdü. Elflərin uzaq qohumları olan uçan spraytlar tunelin az qala tavanına qədər doluşub hava tıxacı yaratmışdılar. Yoğun dallarını yırğalaya-yırğalaya ayaqlarını yerə döyən qnomlar da eyni vaxtda yol hərəkətinin hər iki tərəfini bağlayaraq ümumi qarışıqlıq və tünlüyə bacardıqları qədər öz töhfələrini vermişdilər. Gölməçələrdəki ağzıyava qurbağalar ətrafa yeddiqat söyüşlər yağdırırdılar. Bu cins kiminsə axmaq zarafatı nəticəsində əmələ gəlmiş, sonra isə fəlakətli dərəcədə artıb çoxalmışdı. Buna görə kimsə hətta öz sehrli çubuğundan məhrum olmuşdu. Elfi polis bölməsinə gəlmək üçün çətinliklə özünə yol açırdı. Ticarət mərkəzinin yanında izdiham tamamilə coşmuşdu. Kapral Trittonun nizam-intizam yaratmaq cəhdi heç bir nəticə vermirdi. Elfi ürəyində ona uğurlar arzuladı. Dəhşətdir, oğlanın bəxti gətirməyib. O özü heç olmasa yerin üstündə işləyir.

Legion polisi bölməsinin girişini nümayişçilər bağlamışdılar. Qnomlar və qoblinlərin quldur dəstələri ərazilərin yenidən bölüşdürülməsi uğrunda müharibə aparırdılar. Hər səhər bura qəzəbli valideynlərdən ibarət izdiham toplaşır və günahsız övladlarının azad olunmasını tələb edirdilər. Elfi donquldandı. Günahsız qoblin! Elfi hələ beləsinə rast gəlməyib. Qoblinlər və qnomların əllərinə qandal vurub kameralara doldurmuşdular, burada onlar öz oğru mahnılarını bağıra-bağıra oxuyur və bir-birlərinin üstünə şarşəkilli şimşək atırdılar. Elfi coşub-daşan izdihamın içinə soxuldu.

– Yol verin, buraxın, – deyə o qışqırırdı. – Mən işə gedirəm.

O, bunu nahaq yerə dedi. Çarəsiz valideynlər dərhal onun üstünə atıldılar, sanki milçəklər qurda daraşmışdı:

– Mənim Qrampom günahsızdır!

– Polis özbaşınalığı!

– Xahş edirəm, bu yorğanı mənim oğluma verin! Uşaq yorğansız yata bilməz!

Elfi şlemin üz qapağını aşağı saldı, onu güzgülü etdi və heç bir söz demədən bölməyə tərəf getməyə başladı. Axı, vaxtilə polis mundirinə hörmət edirdilər… Amma o dövr çoxdan geridə qalıb. İndi sən – danlaq obyektisən.

– Bağışlayın, zabit, ziyil dolu bardağımı hardasa itirmişəm və…

– Üzr istəyirəm, mənim pişiyim stalaktitin3 üstünə çıxıb, siz eləyə bilərsinizmi…

Bəs buna nə deyirsiniz?

– Kapitan, deyə bilərsinizmi, Əbədi Həyat Mənbəyinə necə getmək olar?

Elfinin əti ürpəşdi. Elə bircə turistlər çatışmırdı. Onun öz problemləri boğaza qədərdir. Hətta daha çox olduğunu tezliklə öyrənəcək.

Polis bölməsinin qəbul otağında tanış qnom-kleptoman4 ərizə vermək üçün növbədə dayananların cibinə girirdi. Qnomun əlini öz əlinə qandallamış polisin də cibindəkilər oğurlanmışdı. Elfi elektrikli dəyənəklə oğrunu vurdu. Güclü cərəyan onun dəri şalvarını yandırıb dalına yapışdırdı.

– Burda da oğurluqla məşğulsan, hə, Mulç?

Qnom diksindi, oğurlayıb paltarının qollarına doldurduğu şeylər yerə səpələndi.

– Rəis xanım, – o, üzündə saxta peşmanlıq ifadəsi ilə zingildədi, – axı, mən nə edə bilərəm? Xasiyyətim belədir.

– Əlbəttə, Mulç, səni başa düşürəm. Amma bizim də xasiyyətimiz tələb edir ki, səni iki yüz, üç yüz il həbsxanada saxlayaq.

Elfi qnomu bölməyə aparan polisə baxıb göz vurdu:

– Afərin, sayıqlığı itirmirsən.

Polis xəcalətindən qızardı və pulqabı ilə nişanını yerdən götürmək üçün aşağı əyildi.

Elfi gözə çarpmadan öz yuvasına sivişib girmək üçün nəfəsini çəkib ayağının ucunda rəisin kabinetinin yanından keçib getdi.

– BALACABOY! TEZ OL YANIMA GƏL!

Elfi ah çəkdi. Yenə başlanır.

O, qalpağını qoltuğuna vuraraq mundirinin qırışlarını düzəltdi və mayorun kabinetinə girdi. Rootun sifəti hirsindən qıpqırmızı olmuşdu. Ümumiyyətlə, mayor öz tabeçiliyində olanları danlamaqdan ötrü sinov gedirdi. Buna görə də Zəhlətökən Root ləqəbini qazanmışdı. Mayorun daim qıpqırmızı olan sifətinə gəlincə isə, ürəyinin nə vaxt tutacağı haqqında bölmədə hətta mərc gəlirdilər. Yarım əsr ya da bir azca çox müddətə mərc gəlib pul qoymaq ən sərfəli variant hesab edilirdi. Root barmaqlarını biləyindəki ayölçənə vurdu.

– Nə deyirsən? – o hiddətlə soruşdu. – Səncə saat neçədir?

Elfi qızardığını hiss etdi. O, bir dəqiqədən də az gecikmişdi. Onun növbəsindən olan ən az on polis hələ öz iş yerlərinə gəlib çıxmamışdılar. Amma Root danlamaq üçün həmişə məhz Elfini seçirdi.

– Mərkəzi küçə… – Elfi sıxıla-sıxıla dilləndi. – Yolun dörd zolağı işləmir…

– Boş bəhanələrdir! – deyə rəis bağırdı. – Beş dəqiqə tez dur! İlk dəfə deyil ki, böyük şəhərdəsən!

Bax, bu məsələdə o tamamilə haqlı idi. Elfi Balacaboy Limanda doğulub böyümüşdü. Lakin insanlar dərin qazma işləri aparandan bəri sehrli xalq məskunlaşmış yerləri tərk etməyə başladı və yer nüvəsinin yaxınlığına köçdü və beləcə daha təhlükəsiz olan Limanda məskən saldı. Metropoliyada əhali həddindən artıq sıxdır, xidmət sahəsində işləyənlərə böyük ehtiyac var. Hakimiyyət orqanları isə hələ də götür-qoy edir, şəhərin mərkəzindən avtomobillərin keçməsinə icazə verilsin ya verilməsin? Sanki küçələrdə avaralanan pinti qnomların üfunəti boğaza yığmışdı.

Root haqlı idi. Yuxudan tez durmaq lazımdır. Amma bölmədə təkcə Elfidirmi? Qoy başqaları da düzəlsinlər.

– Bilirəm, nə haqqında fikirləşirsən, – Root dedi. – Mən hər gün nə üçün məhz sənə ilişirəm? O biri avaraları niyə heç vaxt danlamıram?

Elfi susdu, amma üzündəki ifadədən cavabı oxumaq mümkün idi.

– Səbəbini bilmək istəyirsən?

Elfi risk edib başını tərpətdi.

– Çünki sən qızsan.

Elfi özündən asılı olmadan yumruqlarını sıxdığını hiss etdi. Aha, o bunu boynuna aldı!

– Lakin hər şey sən fikirləşdiyin qədər sadə deyil, – deyə Root sözünə davam etdi. – Sən bizim Korpusda ilk qadınsan. Həm də bütün dövrlər ərzində. Sən sınaq nümunəsisən. Mayaksan. Milyonlarla vətəndaşımız sənin hər bir hərəkətini izləyir. Sənə böyük ümidlər bəsləyirik. Bununla belə paxıllığını çəkənlər də çoxdur. Hüquq mühafizə qüvvələrinin gələcəyi sənin əllərindədir. Amma görürəm ki, bu yükü daşımağa gücün çatmır. Ən azından indi belədir.

Elfi çaşqın halda gözlərini döydü. Əvvəllər Root onunla bu cür söhbət etməmişdi. Adətən mayorla onun ünsiyyəti “Qalpağını düzəlt”, “Kəmərini bərkit” kimi boş-boş sözlərdən ibarət olurdu.

– Sən ən yüksək səviyyədə olmalısan, Balacaboy, bu isə hamıdan yaxşı olmaq deməkdir. – Root ah çəkərək fırlanan kresloya söykəndi. – Bilmirəm nə olacaq, Elfi, bilmirəm… Xüsusən də Hamburqda beş vermiş hadisədən sonra…

Elfi üz-gözünü turşutdu. Hamburqdakı iş tam uğursuzluqla bitmişdi. Onun axtardığı cinayətkarlardan biri yuxarıya qaçmış və yuxarıdakılardan siyasi sığınacaq almağa çalışmışdı. O vaxt Root zamanı dayandırmağa məcbur olmuş, Çevik Alayı çağırmış və bu işdə əli olan dörd adamın yaddaşını sildirmişdi. Polislər boş yerə vaxt itirmişdilər. Hər şey də onun günahı ucbatından olmuşdu.

Mayor yazı masasının üstündən bir blank götürdü.

– Nə isə, Elfi, mən qərarımı vermişəm. Səni Yol hərəkəti şöbəsinə keçirirəm, yerinə isə kapral Frondanı götürürəm.

– Frondanı?! – Elfi hirsindən bağırdı. – Axı o lap kütbeyindir. Axmağın biridir! Siz ona nümunəvi polis deyirsiniz?!

Rootun qıpqırmızı sifəti daha da qızardı.

– Niyə də olmasın?! Sən özünü yaxşı cəhətdən göstərməyə heç zaman çalışmamısan! Çünki sənin yaxşı cəhətin digər cəhətlərindən heç də yaxşı deyil. Bağışla, Balacaboy, sən öz şansını əldən verdin…

Mayor gözlərini kağıza dikdi. Söhbət qurtarmışdı. Elfi dəhşətdən hətta barmağını da tərpədə bilmədi. Hər şeyi özü korlamışdı. Amma karyera qazanmaq üçün nə gözəl imkan idi – belə fürsət bir də nə zaman əlinə düşəcəkdi! Vur-tut bircə səhv onun gələcəyini məhv etmişdi. Bu ədalətsizlikdir. Elfi qəzəbindən özünü itirsə də hisslərini cilovlaya bildi. İndi hirslənmək vaxtı deyildi.

– Mayor Root, icazə verin müraciət edim. Düşünürəm ki, mənə daha bir şans verilməlidir, buna layiqəm.

Root hətta gözlərini kağızdan qaldırıb baxmadı.

– Nə əsasla bunu deyirsən?

Elfi dərindən nəfəs alıb dedi:

– Xidməti göstəricilərim əsasında, ser. Əgər Hamburq məsələsini nəzərə almasaq, bu göstəricilər hər şeyi deyir. Uğurla yerinə yetirilmiş on xüsusi tapşırıq. Nə bir silinmiş yaddaş, nə də zamanın dayandırılması, əgər…

– … Hamburq məsələsini nəzərə almasaq, – Root onun sözünü tamamladı.

Nə etmək olar, Elfi son dəlilini gətirməyə məcbur oldu:

– Əgər kişi olsaydım, əgər sizin qiymətli uçan spraytlarınızdan biri olsaydım, heç kim məni heç məzəmmət də etməzdi.

Root acıqlı baxışlarla onu süzdü.

– Kapitan Balacaboy…

Lakin bu zaman telefon aparatlarından birinin zəngi onların dartışmasını lap vaxtında kəsdi. Sonra ikinci, üçüncü telefon çaldı. Rootun arxa tərəfindəki divardan asılmış nəhəng videoekran birdən xışıldayıb canlandı.

Root ucadan rabitə düyməsini basıb zəng edənlərin hamısını söhbətə qoşdu.

– Bəli?

– Bizdə fərari var, – kimsə raport verdi. Root başını tərpətdi.

– “Qarmaq”lardan məlumat gəlibmi? – deyə soruşdu.

Amerikanın rabitə peyklərində qurulmuş və yaxşıca gizlədilmiş izləyici cihazları Legionun jarqon dilində “qarmaq” adlandırırdılar.

– Bəli, ser, – ikinci səs eşidildi. – Avropada güclü gurultu qeydə alınmışdır. Cənubi İtaliya ərazisində. Qoruyucu ekranı olmayan fərari.

Root bərkdən söydü. Sehrli xalqcıq fani varlıqların gözlərinə görünmürdü, amma yalnız xüsusi qoruyucu ekran sayəsində. Bununla belə, əgər cinayətkar humanoid idisə, hər şey çox da pis deyildi.

– Bəs, təsnifatı?

– Xəbərlər pisdir, komandir, – zəng edənlərdən üçüncüsü dilləndi. – Qanunu pozan trolldur.

Root yorğun-arğın gözlərini ovuşdurdu. Axı, belə xoşagəlməz hallar həmişə məhz onun növbəsində baş verir? Elfi rəisinin çarəsiz vəziyyətdə olduğunu tamamilə anlayırdı. Trollar – yeraltı tunellərdə yaşayan varlıqların arasında ən kinliləridir. Onlar ağına-bozuna baxmadan hamının üstünə cumurlar, çünki onların xırdaca beynində, bir qayda olaraq, yalnız bir fikir yerləşirdi: “hamını öldür”. Hərdən trollardan kimsə qaldırıcının şaxtasında təsadüfən azıb qalırdı. Trollar uçuş zamanı adətən yaxşıca yanıb qızarırdılar, amma bəzən sıxışdırılaraq yerin səthinə çıxarılırdılar. Ağrıdan və gün işığından ağıllarını itirmiş trollar (onlar günəşə qətiyyən dözə bilmirlər) qarşılarına çıxan hər şeyi dağıdıb məhv edirdilər.

Root özünə gələrək başını yellədi.

– Yaxşı, kapitan Balacaboy. Görünür, sən öz şansını qazandın. Ümid edirəm ki, sehrli qüvvə ehtiyatın kifayət qədərdir?

– Bəli, ser, – Elfi yalan dedi, çünki yaxşı anlayırdı ki, əgər Root onun uzun müddət Ritualı yerinə yetirmədiyini bilsə, dərhal tapşırıqdan uzaqlaşdıracaq.

– Yaxşı. Adına silah yazdırıb götür və göstərilən əraziyə get.

Elfi ekrana baxdı. “Qarmaqlar” qədim qalaya oxşayan bir italyan şəhərini göstərirdilər. Qırmızı nöqtə yaşayış məntəqəsinə doğru sürətlə hərəkət edirdi.

– Sənin vəzifən vəziyyəti öyrənməkdir. Sonra qayıdıb məlumat verəcəksən. Və bizdən xəbərsiz heç bir təşəbbüsdə olmayacaqsan. Aydındır?

– Bəli, ser.

– Keçən rüb trollarla toqquşmada altı nəfər itirdik. Altı nəfər! Həm də bu hadisə burada, yerin altında, bizə tanış olan ərazidə baş verdi.

– Anlayıram, ser.

Root tərəddüd edərək dodaqlarını bir-birinə sıxdı.

– Balacaboy, düz deyirsən? Sən həqiqətən məni anlayırsanmı?

– Mən belə düşünürəm, ser.

– Sən trollun nələr edə biləcəyini heç anlayırsanmı? Yəni, ət və qandan ibarət olan varlıqlara nə edə biləcəyini deyirəm.

– Xeyr, ser. Görməmişəm.

– Bəxtin gətirib. Bu təcrübə olmadan da işin öhdəsindən gələ bilərsən.

– Aydındır, sür.

Root hirsli-hirsli ona baxdı.

– Kapitan Balacaboy, səbəbini bilmirəm, amma sən hər dəfə “Aydındır” deyəndə öfkələnməyə başlayıram.

Root nahaq yerə öfkələnmirdi. Əgər o, ilk baxışdan sadə görünən bu xüsusi tapşırığın nə ilə nəticələnəcəyini bilsəydi, dərhal istefa verərdi. Həmin axşam doğrudan da tarixi bir hadisə baş verməliydi. “Yoxsa, radiumu kəşf edəcəkdilər? – deyə soruşa bilərsiniz. – Ya da Aya ilk insan çıxacaqdımı?”. Yox-yox, belə xoşbəxt sonluğa hətta ümid də etməyin. Bu hadisə tamam başqa cür idi, yəni “əlvida, “Titanik” yaxud “ispan inkvizisiyasının dəhşətləri” kimi. Bu hadisə çox acı nəticələr verə bilərdi. Həm insanlar, həm də sehrli xalqcıq üçün çox acı nəticələr. Hamı üçün. Elfi birbaş şaxtalara doğru getdi. Onun qalın dodaqları qətiyyətlə bir-birinə sıxılmışdı. Bu son və yeganə şansdır, ikinci şans olmayacaq. Buna görə də o, xırda şeylərə əhəmiyyət verməyəcək.

Yer səthinə buraxılış vərəqəsi əldə etmiş səbrsiz turistlər cərgəsi Qaldırıcı meydançanı başdan-başa doldurmuşdu, lakin Elfi polis nişanını hamıya göstərərək cəsarətlə sıranın lap başlanğıcına doğru irəlilədi. Amma sırtıq qnomlardan biri ona yol vermək istəmirdi.

– Necə olur ki, siz polislər hər yerə hamıdan əvvəl girə bilirsiniz? Yoxsa göydən düşmüsünüz?

Elfi bir neçə dəfə dərindən nəfəs aldı. Hər şeydən əvvəl – nəzakətli olmaq lazımdır.

– Mən vəzifə başındayam, ser. İndi isə xahiş edirəm, məni bağışlayın.

Qnom yekə dalını qaşımağa başladı.

– Eşitmişəm ki, sizin Legiondan olan oğlanlar yuxarıya qalxıb ay işığına tamaşa etməkdən ötrü yalandan özlərinə hər cür tapşırıq uydururlar. Hə, hə, mən belə də eşitmişəm.

Elfinin üzünə vermək istədiyi mehriban təbəssüm daha çox dodaq büzməyə oxşayırdı.

– Bunu sənə deyən kimdirsə, çox axmaqdır… ser. Kəşfiyyat korpusunun döyüşçüləri yalnız zəruri hallarda yerin səthinə çıxırlar.

Qnom üz-gözünü turşutdu. Görünür, guya başqasından eşitdiyi bu dedi-qodunun müəllifi o özü idi, üstəlik indicə hamının yanında onu axmaq adlandırmışdılar. O, layiqli cavabı düşünüb tapana qədər Elfi qapıdan sivişib keçdi.

Dayçagil onu əməliyyat mərkəzində gözləyirdi. Bu paranoik-kentavr tamamilə əmin idi ki, insanların kəşfiyyatı mürgüləmir və izləmə sistemləri bir yana qalsın, onun tabeçiliyində olan nəqliyyat şəbəkəsini çoxdan nəzarətə götürüblər. Düşmən kəşfiyyat xidmətlərinin təsadüfən onun fikirlərini oxumaması üçün kentavr daim başına sağanaqlı papaq qoyurdu.

Elfi pnevmatik qapılardan keçib Dayçagilin şübhəli baxışlarına tuş gəldi.

– Sənin bura necə girdiyini kimsə gördümü?

Elfi cavab vermək üçün fikirləşdi.

– FBI, CIA, NSA, DEA, M16. Hə, bir də EIB.

– EIB? – deyə Dayçagil üz-gözünü turşutdu.

– Binada olanların hamısı, – deyə Elfi izah etdi.

Dayçagil fırlanan kreslodan qalxıb dırnaqlarını yerə döyə-döyə ona yaxınlaşdı.

– Nə olub, Balacaboy, yoxsa zarafat edirsən? Üsyan davam edir? Mənsə elə fikirləşirdim ki, Hamburq məsələsi cəsarətini azaldıb. Sənin yerinə olsaydım, diqqətimi qarşıdakı məsələyə cəmləyərdim.

Elfi özünü ələ aldı. Axı Dayçagil haqlı idi…

– Yaxşı, Dayçagil. Məsələni mənə izah elə.

Kentavr barmağı ilə “Avro-peyk”dən ötürülən və böyük plazma ekranda əks olunan bir ərazinin təsvirini göstərdi.

– Bu qırmızı nöqtə – trolldur. O, Martin-Frank qəsəbəsinə doğru hərəkət edir, bu qəsəbə kifayət qədər iri şəhər olan Brindizinin yaxınlığında yerləşir. Bildiyimə görə, troll E7 şaxtasına girib. Bu vaxt şaxta yer səthinə növbəti kapsul göndərildikdən sonra soyudulurmuş. Nə isə, bu dəfə kababdan məhrum olduq, vəhşi sağ qaldı.

Elfi üz-gözünü turşutdu. O hələ yumor hissini saxlayıb, – deyə düşündü.

– Buna baxmayaraq bəxtimiz bir az gətirib. Troll yolda yeməyə rast gəlib. O, bir neçə inəyi parçalayıb yeyib, bu isə onu bir müddət əyləndirib?

– Bir neçə inək?! – deyə Elfi təəccübdən az qala qışqırdı. – Bu vəhşi nə boydadır ki?

Dayçagil sağanaqdan çıxmış qalpağını düzəltdi.

– Tamamilə yetkin bir trolldur. Yüz səksən kilo çəkisi var, köpək dişləri vəhşi qabanınkı kimidir. Çox vəhşi bir qabanın dişləri kimi.

Elfi zorla udqundu. Yaxşı ki, ona fərarini yaxalamağı əmr etməyiblər.

– Yaxşı. Mənə nə verəcəksən?

Dayçagil ləvazimatlar qoyulmuş masaya yaxınlaşdı və dördkünc qol saatına oxşayan bir cihazı götürdü.

– Pelenqator5. Sən trolu tapırsan, biz də səni. Adi işdir.

– Video?

Kentavr Elfinin qalpağındakı xüsusi deşiyə kiçik silindr yerləşdirdi.

– Canlı yayım. Mini atom-reaktor quraşdırılıb, buna görə də işləmə müddəti məhdud deyil. Mikrofon isə səs gələn kimi işə düşür.

– Yaxşı, – deyə Elfi başını tərpətdi. – Root dedi ki, mən silah da götürməliyəm. Hər ehtimala qarşı.

– Silahların hamısı sənin qarşındadır, – deyə Dayçagil qollarını açdı.

O, silahları eşələyib platindən düzəldilmiş bir tapançanı seçdi. – “Neytrino-2000”. Yeni modeldir. Bundan hətta tunel quldurlarında da yoxdur. Üç rejimdə hazırlanıb. Zəif dərəcədə qızardılmış, orta dərəcədə qızardılmış və kremlənmiş. Bu da atom enerjisi ilə işləyir, qənaət etməyə bilərsən. Bu tapança səndən sonra min il də işləyəcək, kiməsə xidmət edəcək.

Elfi yüngül tapançanı çiynindən asdığı qobura soxdu.

– Mənə elə gəlir ki… hazıram.

– Şübhə edirəm, – deyə Dayçagil güldü. – İnan mənə, trolla görüşə hazırlaşmaq mümkün deyil.

– Sağ ol, mənə əcəb dəstək verirsən.

– İstənilən əminlik savadsızlıqdan yaranır, – kentavr barmağını qaldırıb dedi. – Əgər sən özünə əminsənsə, deməli, nəyisə bilmirsən.

Elfi etiraz etmək istədi, amma fikrini dəyişdi. Bəlkə də, – deyə tərəddüdlə düşündü, – Dayçagil haqlıdır.

Pnevmatik qaldırıcılar yerin nüvəsindən xüsusi kanallarla verilən qaz şırnaqları ilə işləyirdi. Legionun texnikləri Dayçagilin rəhbərliyi altında titandan yumurtaşəkilli kapsullar hazırlamışdılar. Onlar qaz axınlarında hərəkət edə bilirdilər və avtonom mühərriklərlə təchiz olunmuşdular. Lakin yer səthinə təcili qalxmaq üçün yuxarıya püskürən təbii maqmadan yaxşı vasitə yox idi.

Dayçagil körpülərin yanından keçərək öz yoldaşını E7 şaxtasına apardı. Dokda dayanmış kapsul maqma selindəki raket kimi çox kövrək görünürdü. Onun dibi qaralıncaya qədər yanmışdı. Zərblə dəyən daş qırıntılarından çopur-çopur idi.

Kentavr məhəbbətlə əlini təsərrüfatında olan bu minik vasitəsinin bamperinə vurdu.

– Bu körpə artıq əlli ildir ki, xidmət edir! Şaxtalarda işləyən ən köhnə modeldir.

Elfi həyəcanla udqundu. Yuxarıya qalxmaq onsuz da əsəblərinə təsir edirdi, bir yandan da bu köhnə tör-töküntü.

– Bəs onu nə vaxt hesabdan silib atacaqlar?

Dayçagil tüklü qarnını xarta-xurtla qaşıdı.

– İndiki maliyyə vəziyyətində heç vaxt, bəlkə ölüm hadisəsi baş vermiş qəzadan sonra atalar.

Elfi ağır qapını özünə tərəf dartdı, rezin kütlə xırıltı ilə açıldı. Kapsulu ona görə düzəltməmişdilər ki, sərnişin üçün rahat olsun. Onun içində kəmərli oturacağa və elektron cihazlara zorla yer çatırdı.

– Bəs bu nədir? – deyə Elfi barmağını oturacağın başındakı boz ləkəyə vurub soruşdu.

– Fikir vermə, – Dayçagil sanki laqeydliklə cavab verdi və ayaqlarını yerə döydü. – Yəqin ki, beyindir. Son səyahət zamanı hermetiklik pozulmuşdu. Amma yarığı təmir etdilər. Polis sağ qalmışdı. Düzdür indi ağlı yerində deyil, yalnız sulu xörək yeyir, amma ən əsası salamat qalmaqdır.

– Doğrudan da ən əsası salamat qalmaqdır, – deyə Elfi naqillərin arasından keçərək istehza ilə cavab verdi.

Dayçagil Elfinin üstündəki təhlükəsizlik kəmərlərini bərkitdi və açarı diqqətlə yoxladı.

– Hazırsan?

Elfi başını tərpətdi.

Dayçagil barmağı ilə Elfinin qalpağındakı mikrofonu döyəclədi.

– Xəttdə qal, – dedi və qapını örtdü.

“Fikirləşmə ki, səni nə gözləyir, – deyə Elfi öz-özünə əmr etdi. – İndicə bu köhnə gəmini udacaq qızmış maqma seli haqqında düşünmə. Yuxarıya uçuşu düşünmə, bu zaman ikicə təkanla baş-ayaq çevriləcəksən. Əlbəttə ki, dişləri ilə səni didib parçalamağa hazır olan qaniçən troll haqqında heç düşünmə. Lazım deyil. Belə şeylər haqqında düşünməyə cəsarət etmə… Nəyisə dəyişmək isə artıq çox gecdir”.

Qulaqcıqlarda Dayçagilin səsi eşidildi.

– Mənfi iyirmidən başlayaraq hesabat aparılır. Əgər yuxarıdakılar yeraltı darama sistemini hazırlamışlarsa, biz də hər ehtimala qarşı gizli kanala keçmişik. Bilirsənmi, onlardan hər şey gözləmək olar. Bir dəfə bizim ötürdüyümüz məlumatları Yaxın Şərqdəki neft tankeri tutmuşdu. Belə bir iş olmuşdu…

Elfi qalpağındakı mikrofonu düzəltdi.

– Diqqətini yayındırma, Dayçagil. İndi həyatım sənin əllərindədir.

– Aha… bağışla. Səni relslərlə E7 şaxtasının əsas hissəsinə çıxaracağıq, maqma seli indicə başlayacaq. Yüz çıqqıltı məsafəni maqma selinin üstündə gedəcəksən, sonra sərbəst hərəkət edəcəksən.

Elfi başını tərpətdi və əkizlər kimi bir-birinə bənzəyən iki dəstəyi tutub sıxdı.

– Bütün sistemlərin yoxlanışı. Başla.

Mühərriklər uğuldadı. Balaca gəmi öz dokunda yırğalana-yırğalana yuxarıya tullandı. Elfi qabığın içindəki noxud dənəsi kimi gah o tərəfə, gah bu tərəfə çırpılırdı. Dayçagilin söylədiklərini demək olar ki, eşitmirdi:

– Sən indi köməkçi hissədəsən. Uçuşa hazırlaş, Balacaboy.

Elfi cihazlar lövhəsindən qoruyucu rezini götürüb dişlərinin arasında sıxdı. Əgər dilini dişləsən, mikrofon da kömək etməyəcək. O, bayır tərəfdəki kameraları işə salıb monitoru açdı.

E7 şaxtasının girişi yavaş-yavaş ona tərəf yaxınlaşırdı. Eniş projektorlarının işıqlandırdığı hava hərarətdən titrəyirdi. İsti və ağ qığılcımlar şaxtanın köməkçi bölməsinə səpələnirdi. Elfi uğultunu eşitməsə də, onun necə olduğunu təsəvvür edə bilərdi. Sanki qorxunc külək dəhşətlə uğuldayırdı. Ya da milyonlarla troll bağırırdı.

Elfi idarəetmə tutqaclarını daha bərk sıxdı. Kapsula titrəyib şaxtanın lap kənarında dayandı. Bundan sonra nəhəng tunel başlanırdı. Çox geniş. Böyük və sonsuz. O – unitazdakı qarışqadır və indicə kimsə su axarının ipini çəkəcək.

– Getdik! – Dayçagilin səsi cingildədi. – Öz buterbrodunu möhkəm saxla. “Amerikan təpəcikləri” bununla müqayisədə boş şeydir.

Elfi başını tərpətdi. Dişlərinə sıxdığı qurbağaya oxşar rezinə görə danışa bilməsə də, kentavr onu öz monitorunda görürdü.

– Sayonara, əzizim, – Dayçagil dedi və düyməni basdı.

Qısqaclar kapsulanı buraxdı, Elfi yuxarı qalxan mədəsini dili ilə saxlayaraq dərin uçuruma doğru şütüdü. Amansız cazibə qüvvəsi kapsulanı yerin mərkəzinə doğru çəkirdi. Seysmologiya şöbəsi milyonlarla təcrübə aparmış, nəhayət, maqma tullantılarını proqnozlaşdırmağı öyrənə bilmişdi. Az-çox dəqiqliklə; ehtimal – doxsan doqquz tam onda səkkiz faiz idi. Lakin səhv etmək ehtimalı hər halda sıfır tam onda iki faiz qalmaqda idi…

Eniş çox uzun sürdü. Elfi kapsulanın dağılıb məhv olacağı ilə artıq barışmışdı, lakin birdən hiss etdi ki: başlanır. Heç zaman unutmayacağı vibrasiya hissi. Sanki onun köhnə qabığının ətrafındakı dünya parça-parça olurdu. Buna bax!

– Pərlər fırlandı, – deyə o, dişlərinə sıxdığı rezin qoruyucunun arasından dərin nəfəs aldı.

Dayçagil nəsə cavab verdi, lakin Elfi öz hayında idi. O hətta özünü belə eşitmirdi, yalnız ekranda pərlərin necə fırlandığını görürdü.

Maqma seli qasırğa kimi şığıdı, stabilizatorlar işə düşənə qədər kapsula fırlandı, hərləndi. Yarıərimiş daşlar gəminin altına dəyərək onu şaxtanın divarlarına sıxışdırırdı. Elfi kapsulanı tunelin ortasında saxlamağa çalışaraq tutqacları hirslə fırladırdı.

Darısqal fəzada dözülməz isti vardı, adi insan burada asanlıqla yanıb külə dönə bilərdi. Lakin insanlara nisbətən sehrli xalqcığın ağ ciyərləri daha möhkəm materialdan hazırlanmışdı. Görünməz qısqacların köməyilə sürətin artması nəticəsində Elfinin bədəni az qala parça-parça olmuşdu. O, gözlərini qırpıb duzlu tər damcısını aşağı saldı və diqqətini ekrana cəmləməyə çalışdı. Maqma seli onun kapsulasını tamamilə udmuşdu, ən azı yeddi bal gücündə titrəyiş vardı. Qaynar lava seli beş yüz metrə qədər uzanırdı. Narıncı rəngli, zolaq-zolaq maqma burulğanları qaynayıb köpüklənərək kapsulanın metal örtüyündə zəif yer axtarırdı.

Gəminin korpusu xırıltı ilə inildəyirdi, yarım əsr yaşı olan vintlər az qala açılıb dağılacaqdı. Elfi başını silkələdi. Qayıtıqdan sonra ilk görəcəyi iş – Dayçagilin tüklü dalına yaxşı bir təpik vurmaq olacaqdı. O özünü güclü qnom dişlərinin altında qalmış xırdaca daş kimi hiss edirdi. İndi onu əzib toza döndərəcəkdilər.

Gəminin burnundakı lövhə sanki nəhəng bir yumruğun zərbəsi ilə içəriyə tərəf əyilmişdi. Lampa yanıb-söndü, kapsulanın hermetikliyinin pozulduğunu bildirən siqnal eşidildi. Elfinin başı sanki polad çəmbərin altında əzilirdi. Birinci gözləri təslim olacaq, yetişmiş giləmeyvə kimi partlayacaqcı.

O, cihazların göstəricilərinə baxdı. Hələ iyirmi saniyə qalırdı, sonra onun gəmisi odlu maqmanın içindən çıxacaq və istilik mühərriklərinin köməyilə hərəkət edəcəkdi. Bu iyirmi saniyə Elfiyə əbədiyyət kimi gəldi. O, gözlərini qorumaq üçün qalpağını diqqətlə hermetikləşdirdi və gəminin yarıərimiş daşların son dalğasından çıxmasını gözlədi.

Birdən hər şey sakitləşdi. Kapsula maqma selindən uzaqlaşmışdı. İndi nisbətən daha sakit olan isti və spiralvari hava axının təkanları ilə irəliləyirdi. Elfi dartıcı mühərrikləri işə saldı. Yoxsa daim fırlanmalı olacaqdı, onun isə vaxtı qətiyyən yox idi. Tezliklə yuxarıda körpü zonasını bildirən neon işıqlar dairəsi göründü. Elfi gəmini horizontal vəziyyətə gətirdi və birləşmə qovşağını eniş işıqlarına tərəf yönəltdi. Bu çox incə əməliyyat idi. Korpusun bir çox pilotu çətinlik çəkmədən bu yerə qədər gəlib çıxır, lakin sonra səhv edir və körpünün yanından uçaraq qiymətli vaxtlarını itirirdilər. Çoxları belə idi, amma Elfi deyil. O, anadangəlmə istedada malik idi. Akademiyanın birinci tələbəsi olmuşdu.

Elfi son dəfə mühərrikləri işə saldı və ətalətlə irəliləyərək axırıncı yüz metr məsafəni qət etdi. Ayaq pedalının köməyi ilə kapsulanı işıq dairəsinin arasından keçirərək eniş meydançasındakı doka tərəf yönəltdi. Birləşmə qovşağı çıxıntılara pərçimləndi. Kapsula etibarlı şəkildə bərkidildi.

Elfi yumruğu ilə sinəsinə vurdu və təhlükəsizlik kəmərlərini çıxarıb hermetik qapını açdı. Yerin səthindən xoş hava axını kabinəyə doldu. Şaxtada uçuşdan sonra aldığın ilk nəfəslə heç bir şey müqayisə edilə bilməz. Elfi kapsulanın ağır havasını ciyərlərindən qovaraq dərindən nəfəs aldı. Sehrli xalqcıq belə nemətdən necə imtina edə bilmişdi! Burada, yuxarıda yaşamaq çox əla olardı. Lakin bir vaxtlar onun əcdadları yaşamaq uğrunda mübarizəni yuxarıdakılara uduzmuşdular – onlar həddindən artıq çox idi. Əgər onun xalqının qadınları iyirmi il ərzində yalnız bir uşaq doğa bilirdilərsə, yuxarıdakılar siçovullar kimi çoxalırdılar. Bu cür tempin öhdəsindən heç bir sehrkarlıq gələ bilməz. Elfi gecənin şirin havasından zövq almaqla yanaşı insanların qoyduğu zəhərli izləri də hiss edirdi. İnsanlar toxunduqları hər şeyi məhv edirlər. Bəli, artıq onlar qazma mağaralarda yaşamırlar. Ən azından burada, bu ölkədə. Onlar özlərinə yatmaq üçün, yemək üçün və hətta təbii ehtiyaclarını ödəmək üçün xüsusi otaqları olan böyük və gözəl binalar tikmişlər! Evin içərisində! Elfi diksindi. Siz bir düşünün: öz evində tualetə getmək! İyrənclikdir! Tualetin yeganə xeyri ondadır ki, torpaqdan alınmış maddələr onun özünə qaytarılır, lakin yuxarıdakılar buna da bir hiylə qurublar: onlar bu tullantıları, bu… nə isə.. kimyəvi maddələrlə emal edirlər. Əgər yüz illər öncə ona desəydilər ki, insanlar bu qədər güclü məhsuldar qüvvəni qəsdən məhv edicəklər, Elfi öz həmsöhbətinə beyninin zir-zibildən təmizlənməsi üçün kəlləsində deşik açmasını məsləhət görərdi.

Elfi qarmaqdan iki qanad götürdü – səs-küylü mühərriklə təchiz olunmuş iki oval lövhə. Götürdü və inildədi. “İynəcə”! Onun bu modeldən zəhləsi gedirdi. Benzinlə işləyən mühərrik, bircə bu çatışmırdı! Elə ağırdır ki, sanki belində yekə bir donuzu daşıyırsan, bu yük səni palçığa da batırar. Amma Kolibri Z7 – əla nəqliyyatdır. Mühərrik uğuldamır, azca fışıldayır, peykə bağlı günəş batareyası işləyir, bu nəqliyyatla bütün yer kürəsini gəzib dolaşmaq olar, həm də iki dəfə. Amma büdcədə problemlər olanda, nə verirlərsə, onunla ucmağa məcbursan.

Əlindəki pelenqator cırıldamağa başladı. Elfi rabitə diapazonunda idi. O, stansiya binasında kapsuladan çölə çıxdı. Stansiya adi təpə kimi qurulmuşdu, nağıllarda belə təpələri adətən feyaların məskəni adlandırırlar. Doğrudan da, bir zamanlar bu cür təpələrdə sehrli xalqcıq məskən salmışdı, amma sonra onu yerin dərinliyinə qovdular. Burada texnika çox deyildi – xarici monitorlar və insanların stansiyanı aşkara çıxaracağı halda özünü ləğvetmə qurğusu.

Ekranlar yolun boş olduğunu göstərirdi. Pnevmatik qapılar trollun söykəndiyi yerlərdə bir az əyilmişdi, amma qalan cihazlar tamamilə saz vəziyyətdə görünürdü. Elfi qanadları bərkidib xarici aləmə qədəm qoydu.

İtaliyanın zeytun budaqlarının və üzüm salxımlarının arasından görünən gecə səması aydın və ulduzlu idi. Cırcıramalar sərt otların üstündə bərkdən cırıldaşır, kəpənəklər ulduzların işığında uçuşurdular. Elfi bilaixtiyar gülümsədi. Bunun üçün nə qədər olsa risk etməyə dəyərdi. Yeri gəlmişkən, risk haqqında… Elfi pelenqatoru yoxladı. Cihazın ciyiltisi daha bərkdən eşidilirdi: troll demək olar ki, şəhər divarlarının yanındaydı! Elfi tapşırığı yerinə yetirdikdən sonra təbiəti seyr etməyə imkan tapa bilərdi. İndi isə hərəkət etmək vaxtıdır.

Elfi “İynəcə”nin mühərrikini işə salmaq üçün çiynindəki starterin qaytanını dartdı. Heç nə alınmadı. Limanda varlı balalarının tətildə meşəyə uçmaq üçün “Kolibri”ləri var, Korpusun kəşfiyyatçılarına isə köhnə tör-töküntünü verirlər. Bunun təzəsi də heç nəyə yaramazdı. Elfi qaytanı bir dəfə də dartdı, sonra yenə təkrar etdi. Üçüncü cəhddən sonra mühərrik işə düşərək gecənin təmiz havasına tüstü buğumları üfürdü. “Nəhayət ki,” – deyə Elfi dərindən nəfəs aldı və birinci ötürücünün düyməsini basdı. Qanadlar çırpınmağa başladı, tədricən daha da geniş açıldı və kapitan Elfi Balacaboy ağır-ağır səmaya qalxdı. Trollu təqib etmək hətta pelenqatorsuz da çətin deyildi. Vəhşi özündən sonra elə dağıntı izləri buraxmışdı ki, sanki meşədən ikiayaqlı ekskavator keçmişdi. Elfi yerin üstü ilə alçaqdan uçur, budaqların və duman zolaqlarının arasından özünə yol tapırdı. Ağlını itirmiş vəhşi üzümlüklərin arası ilə özünə yol açmış, daş hasarı uçurub dağıtmışdı, gözətçi iti isə ağacların altında zingildəyərək hələ də tir-tir əsirdi. Elfi tezliklə parçalanmış inəklərə də rast gəldi. Dəhşətli səhnə idi. Təfərrüata varmadan yalnız onu deyək ki, buynuz və ayaqlar istisna olmaqla inəklərdən heç nə qalmamışdı.

Pelenqator daha da bərkdən cırıldamağa başladı. Demək, troll lap yaxındaydı. Elfi bir az irəlidə alçaq bir təpənin üstündə qurulmuş və orta əsrlərdən qalma diş-diş divarlarla əhatələnmiş şəhərciyi gördü. Pəncərələrin çoxunda hələ işıq yanırdı. Deyəsən, sehrkarlığa əl atmağın vaxtıydı.

Sehrli xalqcığın adına yazılan böyük ecazkar qüvvə – vur-tut mənasız nağıllardan başqa bir şey deyildi. Amma yeraltı sakinlərin müəyyən sehrkarlığı hər halda varıydı. Məsələn, onlar şəfaverici xüsusiyyətə malik idilər. Ovsunlamağı və qoruyucu ekranlar düzəltməyi bacarırdılar. Əslində “ekran düzəltmək” ifadəsi yanlışdır. Elflər sadəcə elə tezlikdə vibrasiya edirdilər ki, onları görmək mümkün deyildi, – onlar sanki çox sürətlə yerlərini dəyişirdilər. Diqqətlə baxan insan havanın yüngülcə titrədiyini ayırd edə bilər, amma insanların diqqətli olması, deyək ki, meymunların nəzakətli olması kimidir. Əgər insanlar onu hiss etsələr də, onda dərhal bu hadisəni, məsələn, rütubət buxarlanması kimi izah edərdilər. Yuxarıdakılar özlərindən cürbəcür mürəkkəb izahlar uydurmağı çox xoşlayırlar.

Elfi qoruyucu ekranı işə saldı. Bundan ötrü həmişəkindən bir qədər çox güc sərf etməli oldu. O, gərginlikdən alnının necə tərlədiyini hiss edirdi. “Bax indi mənim üçün doğrudan da Ritualı yerinə yetirmək lazımdır, – deyə o düşündü. – Və bunu nə qədər tez etsəm, bir o qədər yaxşı olar”.

Aşağıdan gələn səs onu fikirdən ayırdı. Bu guruldu gecənin adi səslərinə qətiyyən oxşamırdı. Elfi çantasındakı hündürlük tənzimləyicisini çevirdi və səs gələn yerə baxmaq üçün aşağı endi. Yalnız baxmaq, – o öz-özünə dedi, – onun vəzifəsi vəziyyəti öyrənməkdir. Kəşfiyyat Korpusunun zabitləri köhnə kapsulalarda yırğalana-yırğalana uçur, ağaclara dırmaşır, hədəfi təqib edir və yalnız sonra Çevik Alayın əsgərləri rahat şattllarda gəlib çıxırlar.

Troll düz onun altındaydı. O öz güclü yumruqları ilə şəhərin xarici divarlarını uçurub dağıdırdı, həm də bunu elə yaxşı bacarırdı ki, ətrafa yalnız daş parçaları səpələnirdi. Elfi təəccübündən içini çəkdi. Lap əjdahadır! Fil kimi nəhəng, amma on dəfə qəzəbli. Həddindən artıq qəzəbli, həm də ölümcül qorxmuş bir fil.

– Mərkəzi çağırıram, – Elfi mikrofona dedi. – Fərari aşkar edilmişdir. Vəziyyət kritikdir, yüksək çətinlik dərəcəsindədir.

Rootun özü əlaqəyə çıxdı.

– Vəziyyəti dəqiqləşdir, kapitan.

Elfi kameranın obyektivini trolla tərəf yönəltdi.

– Fərari şəhər divarlarını dağıtmaq istəyir. Təcili olaraq müdaxilə etməyi məsləhət görürəm. Çevik Alay uzaqdadır?

– Standart yer vaxtı ilə beş dəqiqə uzaqlıqda. Biz hələ şatldayıq.

Elfi dodaqlarını dişlədi. Root özü gəminin içindədir?

– Çox gecdir, mayor. On saniyədən sonra bütün şəhər ayağa qalxacaq… Mən gedirəm.

– Bunu qadağan edirəm, Elfi… kapitan Balacaboy. İnsanlar tərəfindən dəvət olmamışdır. Sən qanunu bilirsən. Yerində qal.

– Amma, mayor…

– “Amma”sı yoxdur, kapitan! – deyə Root onun sözünü kəsdi. – Müdaxilə etmə. Bu əmrdir.

Elfinin bütün bədəni həyəcanlı ürəyinin döyüntüsünə uyğun titrəməyə başladı. Benzinin buxarı onun beynini dumanlandırırdı. Necə etməli? Nəyi seçməli? İnsanların həyatınımı yoxsa rəisin əmrini?

Bu zaman troll nəhayət, divarı uçurub dağıtdı və gecənin səssizliyini uşaq fəryadı pozdu.

– Ayuto! – bir körpə bərkdən bağırırdı. “Kömək edin”. Bu, dəvət tamamilə uyğun idi. Düzdür, bir az çətinliklə də olsa, amma uyğun idi.

– Bağışlayın, mayor. Troll işığın təsirindən tamamilə ağlını itirib, burda isə uşaqlar var.

– Buna görə paqonlarından olacaqsan, Balacaboy! – Root mikrofona bağırdı. Elfi onun qəzəbdən necə qıpqırmızı qızardığını təsəvvür etdi. – Hazırlaşa bilərsən, növbəti yüz ildə sənin işin kanalizasiyaları təmizləmək olacaq!

Amma onun hədələri kar etmədi. Elfi artıq mikrofonu söndürmüşdü, trollun arxasınca aşağı enirdi.

Kapitan Balacaboy dik duraraq əjdahanın açdığı deşikdən içəri girib ətrafa boylandı. Deyəsən, restorana düşmüşdü. Camaatla dolu restorana. Trollun gözləri gur elektrik işığına alışmadığı üçün heç nə görmürdü, buna görə də zalın ortasında çarəsizcə dolaşırdı. Müştərilər donub qalmışdılar. Hətta uşaq belə qışqırığını kəsmişdi. İnsanlar gözlərini yad məxluqa dikərək susub oturmuşdular, başlarındakı karnaval şlyapaları qəribə şəkildə yana əyilmişdi. Qarsonlar yerlərində donmuşdular, əllərində tutduqları içərisində spagetti olan böyük sinilər gərginlikdən titrəyirdi. Koppuş italyan uşaqları qorxudan toppuş əlləri ilə gözlərini örtmüşdülər. Əvvəl həmişə belə olur: şokdan hamının dili tutulur. Sonra isə fəryadlar başlayır.

Şərab şüşəsi gurultu ilə döşəməyə dəyib sındı. O andaca ovsunlar öz təsirini itirdi. Dəhşətli hay-küy qopdu. Elfi üz-gözünü turşutdu. Trollar səs-küyə, demək olar ki, işıq qədər nifrət edirlər.

Əjdaha tüklü və qüvvətli çiyinlərini düzəltdi, sonra iti dırnaqlarını qəzəblə işə saldı. Yırtıcılara məxsus klassik hərəkət. Vəhşi zərbə endirməyə hazırlaşırdı.

Elfi silahını çıxardı və qoruyucu düyməni ikinci səviyyəyə qoydu. O, heç bir halda trollu öldürməyəcəkdi. Hətta insanları xilas etmək naminə olsa belə. O, Çevik Alay gəlib çıxana qədər yırtıcının yalnız şüurunu söndürəcəkdi. Elfi düşmənin ən zəif yerini nişan alaraq trollun kəlləsinə konsentrasiyalı ion şüası buraxdı. Yırtıcı səndələyə-səndələyə bir neçə addım atdı və deyəsən, çox incidi. “Hər şey qaydasındadır, – deyə Elfi düşündü, – məni ekran qoruyur. Yəni görünmürəm. Kənardan baxana elə gəlir ki, titrəyişli mavi şüa havanın özündən yaranır”.

Troll kəskin hərəkətlə ona tərəf döndü, yoğun şamlara oxşayan buz salxımları kimi bir-birinə yapışmış saçları qorxunc şəkildə titrədi.

“Qorxmaq lazım deyil. O məni görmür”.

Troll masanı qaldırdı.

“Mən görünmürəm. Qətiyyən görünmürəm”.

Tüklü pəncəsini qolaylayıb masanı Elfiyə tərəf tulladı.

“Havada yalnız yüngülcə bir titrəyiş”

Masa çevrilərək düz onun başına uçurdu.

Elfi kənara qaçdı. Amma bir göz qırpımı qədər gecikdi. Masa belindəki çantaya dəydi və benzin balonunu deşdi. Balon hər tərəfə yanacaq mayesi çiləyərək havaya qalxdı.

Yəqin, sizə məlumdur ki, italyan restoranları həmişə şamlarla dolu olur. Balon şamdanların üstü ilə uçaraq sanki nəhəng atəşfəşanlıq kürəsi kimi alışıb yandı. Yanan benzinin çox hissəsi trollun üstünə səpələndi. Sonra isə Elfi yırtıcının üstünə yıxıldı.

Troll onu görürdü, bu fakt idi. Demək, qoruyucu ekran işləmir. Çünki onun sehrli qüvvəsi tükənmişdir.

Lənətəgəlmiş işığın parlaqlığından gözlərini qıyan troll Elfiyə baxdı, yırtıcının nəhəng sifəti qorxu və ağrıdan əyildi.

Elfi var gücü ilə çırpındı, yırtıcının caynaqlarından qurtulmağa çalışdı, amma bacarmadı. Bu vəhşinin hər bir barmağı banan boyda idi, ancaq onun kimi yumşaq deyildi. Troll öz “bananları” ilə onun döş qəfəsində ola bütün havanı sıxıb çıxarırdı. İynə kimi iti çaynaqları ilə möhkəm materialdan olan kombinezonu cırıq-cırıq etmişdi. Kombinezon tamamilə cırılıb əyindən çıxsaydı, hər şey bitəcəkdi.

Elfi heç nə fikirləşə bilmirdi. Restoranda aləm bir-birinə dəymişdi. Troll dişlərini qıcırtmışdı, qüvvətli dişləri ilə onun qalpağını parçalamaq istəyirdi. Elfi üfunətli qoxunu hətta filtrlərin arasından da hiss edirdi. Alov trollun kürəyinə yayıldıqca daha da güclənən yanmış yun qoxusu da ətrafı bürümüşdü.

Yırtıcının yaşıl dili şlemin üz qapağını xırçıltı ilə yalayaraq aşağı hissəsini tamamilə tüpürcəyə buladı. Şlemin üz qapağı! Budur, çıxış yolu. Bu, onun yeganə şansıdır. Elfi çətinliklə də olsa bir əlini şlemdəki idarəetmə düymələrinə uzada bildi. Tunel projektorları. Çox güclü işıq şüaları.

O, şlemin üstündəki düyməni basdı, 800 vatt gücündə təmiz və filtrlərlə zəiflədilməmiş gur işıq şlemə quraşdırılmış iki projektordan ətrafa yayıldı.

Troll səndələdi, onun cəhəngindən qulaqbatırıcı fəryad qopdu. Onlarla qədəh və şüşə qablar sınıq-sınıq oldu. Zavallı heyvan üçün bu həddindən artıq idi. Əvvəlcə onu kar etdilər, sonra yandırdılar, üstəlik indi də kor etmişdilər. Şok və ağrı nəhayət ki, yırtıcının xırdaca beyninə təsir etdi və o, şüurunu itirdi. Troll tabe oldu və üzü üstə yıxılaraq bütün bədəni ilə döşəməyə çırpıldı. Elfi iti dişlərdən uzaqlaşmaq üçün cəld kənara sıçradı.

1.Leprekon – irland folklorunda personaj, qısaboy, enlikürək kişi görkəmində və adətən yaşıl geyimdə təsvir edilir.
2.Elflər – alman-skandinav xalqları və kelt folklorunda sehrli xalq.
3.Stalaktit – mağaraların tavanında sızan damcılardan əmələ gələn əhəngli ərp
4.Kleptoman – oğurluğa meyl göstərən ruhi xəstə.
5.Hərəkətli obyektin yerini müəyyən etmək üçün cihaz

Bepul matn qismi tugad.

15 991,71 s`om
31 983,42 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
251 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8200-9-6
Tarjimon:
Mualliflik huquqi egasi:
Alatoran yayınları
Yuklab olish formati:

O'xshash kitoblar