Kitobni o'qish: «Axı dünya fırlanır…»
ANA DİLİ
Dil açanda ilk dəfə ana söyləyərik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil,–bizim ruhumuz, eşqimiz,
canımızdır,
Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz
genişliyindən,
Ağ saçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adından
Məhəbbət dastanları yaradıldı bu dildə.
Moskvada Puşkinə heykəl qoyulan zaman,
Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
Noyabr, 1954
TƏKLİK
Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə,
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq, insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar, nə yağış yağar…
Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?
Öz el-obasını tərk etdiyindən,
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa, qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma, dostlar,
Mənim bir günüm də sizsiz olmasın.
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın!
Mart, 1956
SƏN ATDIN YERƏ
Nə deyib saçını kəsdirdin, gülüm?
O gün gəlməyəydin görüşə barı.
Kəsdirdin, ayaqlar altına düşdü
Qumral saçlarının qıvırcıqları.
Hər buruq telinə can demişəm mən.
Saçını nə qədər iyləmişəm mən.
Mənim toxunduğum qara telləri
Kəsdirib ayaqlar altma atdın.
Sən saç uzatdığm neçə illəri,
Düzünü söyləsək, bir günə satdın.
Sənin saçlarını axı, neçə il
Sıxıb qərq etmişəm mən öpüşlərə.
Düşünsən, sevgilim, saçların deyil,
Mənim öpüşlərim atılmış yerə…
İyul, 1957
AY İŞIĞINDA
Nəğmə var, dinləyəndə,
elə bil, yetişirsən
ən böyük muradına.
Nəğmə var, dinləyəndə
bütün qəmin, kədərin
gəlir düşür yadına.
Nəğmə var, dinləyəndə
ötən şirin günləri anır, anır, yanırsan.
Nəğmə var, dinləyəndə
sən torpaqdan üzülüb,
göyə qanadlanırsan…
Nədəndir, ey sevgilim,
Dinləyəndə hər dəfə
mən “Ay işığında’nı,
Sən düşürsən yadıma?
Yetişirəm, elə bil,
bu dünyada ən böyük
arzuma, muradıma.
Ay işığı rəqs edir,
Sanki o ay üzündə.
Bəlkə, ay işığından
Yarandın sən özün də.
Sən də o mahnı kimi
Həm incəsən, həm dərin,
Həm həzinsən, həm şirin!..
Dekabr, 1957
GƏLİR
Tarıma çəkilmiş simə bənzə sən!
Titrə bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa, gilavar gəlir.
Bir az sıxlaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar.
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.
Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim götürməyir bəri-bəzəyi
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir.
1950
ÖMÜR
Y.Məmmədəliyevə ithaf
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?
Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.
Yaşamaq – yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.
“Bu dünya beş gündür”, – deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.
Fevral, 1956
GECƏ BULAQ BAŞINDA
E. İbrahimova bəstələmişdir
Sakit axıb gecələr
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.
Sirlərlə doludur
Gecələr bulaq başı.
Onun zümzüməsidir
Gecələrin sirdaşı…
Səpələnib toz kimi
Şırıltıyla axan su –
Neçin pozur gecənin
O dərin sükutunu?
Bəzən aylı, süd kimi,
Bəzən qara gecələr –
Bulaq laylamı çalır
Yatanlara gecələr?
Nə deyir laylasında
Ötüb qumrular kimi?
O – keçmişin naləsi,
Gələcəyin sirrimi?
Bulaq nə deyir görən,
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır?
Avqust, 1956
SƏKİLƏR
Əlimdə bir dəstə gül,
dayanmışam səkidə.
Vağzal boyu gəzirəm,
ürəyim səksəkədə.
Qanad açıb, uçuram
sanki buludlarda mən,
Hamı bilsin, yarımı
gözləyirəm burda mən.
Hər baxanda saata,
ancaq, qanım qaralır.
Yamanca tez gəlmişəm,
hələ vaxta çox qalır.
Qarşımda bir qatar var.
Vaqonlara quş kimi
çıxır, düşür adamlar.
Hamı gülür-danışır,
Küsülülər barışır
Ayrılıq məqammda.
Nələr keçir bu adla,
Ürəklərdən, eh, nələr…
Xəfif gülümsəmələr,
Çaşmalar, karıxmalar,
Mehriban əlsıxmalar…
Ağlayan kim, gülən kim,
Yarına gül verən kim,
Pəncərə arxasından
Busələr göndərən kim.
Pıçıltılar, vədələr,
Xəlvəti hıçqırıqlar.
Onların arasında
yəqin sevgilisini
yola salanlar da var.
Deyirlər ki, bu qatar
gedəndən sonra ancaq,
Sevgilimi gətirən
qatar gəlib çıxacaq.
Bəs bu niyə getməyir?
Qəribə gəlir mənə.
İstəyirəm önümdə
bir tir kimi uzanan
Bu qatar tez tərpənə.
Ah… yarını ötürən
Nə düşünür bəs görən?
Mən deyirəm, ay qatar,
de dayanma, tez yeri!
O deyir ki, sınaydı
qatarın təkərləri.
Mən deyirəm, bu anlar
məni gətirdi cana,
O deyir ki, bu anlar
İllər qədər uzana.
Mənim üzümdə sevinc,
onun üzündə kədər,
Onunçün ağlayırsa,
mənimçün gülümsəyir,
səkilər, ağ səkilər.
Yarı yola salanın
könlünə dağ çəkilər!
Səkilər, ay səkilər.
Üstünüzə nə qədər
damıb isti göz yaşı!
Burda yola salıbdır
neçə bacı qardaşı.
Neçə ana balanı,
neçə yar öz yarını,
sevimli baharını.
Bir ay əvvəl burdaca
ayrıldım sevgilimdən,
Bir gün görüşəcəyəm,
yenə, yenə burda mən.
Bir işə bax, işə bax.
Bir səkidə bir anda,
Dayanıbdır yanaşı
Yarı yola salan da,
yarı qarşılayan da.
Kim gecəni gündüzlə,
günəşi ayla görnıüş?
Kim hicranı vüsalla,
qışı da yayla görmüş?
Bu səkidə qarışır
su atəşə, ay günə,
Hicranın göz yaşları
vüsal gülüşlərinə.
Bu dünyada vüsalla,
hicranm görüş yeri,
Bəli, bu səkilərdir,
bu vağzal səkiləri!
Mart, 1957
DAĞDA ŞƏLALƏ KİMİ
Bir rəngi yox, göylərin min rəngini sevirəm
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat – bir cıdır düzü, bir döyüş
meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağrımaz başım” – deyənlər də
var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər.
Əsl könül həm qəmi, həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur.
Daim sevinc axtaran daim qəmə tuş olur.
Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.
“Bu dünyada birtəhər qoy yaşayaq”, –
deyənə,
Ah, birtəhər!.. Lüğətə bu söz hardan
gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər
nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü
canlara”,
Gündən qaçıb həmişə kölgə axtaranlara…
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
Namusu xərcləməkdən onlar
çəkinməzdilər.
Onlar orta yol tutub nə “hə”, nə də “yox”, –
dedi.
Havaya nə “istidir”, nə də ki, “soyuq”, –
dedi.
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.
Özgəsini qorxudub hürkdülər özlərindən.
Onlar qazdan ayıqdı…
Onlar havaya baxdı…
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm
tutdular.
Özlərini düşünüb özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı.
Yaşadılar ölü tək, nəfəsləri olmadı…
Getdilər iş dalınca, ürəkləri getmədi…
Gəzdilər… Hey gəzdilər.
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi…
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömürdə bircə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir, axı, hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər.
Min-min dəfə ölənin matəmi yassız keçər.
Qardaş, min duyğu ötsün ürəyindən bir
anda.
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək,
gül.
Gülsən də, ağlasan da tamam doysun qoy
könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uca zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin.
Onun qasırğasına, dalğasına vurğunam.
Qoy döysün yağış məni, boran məni, qar
məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitcə bir otaqda
gəlib keçsin lal kimi…
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Bağçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxanmaq
istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq
istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.
Bir rəngi yox, göylərin min rəngini
sevirəm.
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
May, 1960
KİMDİR MƏNİM DÜŞMƏNİM?
Kimdir mənim
Ən qorxulu düşmənim?
Kaş biləydim bunu mən.
O zərbə vurmamışdan
Kəsəydim yolunu mən.
Kimdir mənim
Düşmənim?
Yaxşımı qoyub
Yamanımı danışanmı?
Yox!
Eyblərimi deyib
Arxamca gülənmi?
Yox!..
Mənim nöqsanlarımı
Məndən yaxşı bilənmi?
Yox! Yox! Yox!
Onların gözlərini
Taxaydım öz gözümə.
Özgələrin gözüylə
Baxaydım öz-özümə.
Bacarsaydım bunu mən
Bu dünyada nə dərdim…
Mən onda öz-özümü
Daha yaxşı görərdim.
Onda eyiblərimə
Özüm düşmən olardım;
Görsəydim öz-özümü,
Onda mən, mən olardım!
Ah!.. Məni məndən gözəl
Görə bilən dostlarım,
Arxamca qəh-qəh çəkib
Mənə gülən dostlarım,
Gülün, elə gülün ki,
Çatsın qulaqlarıma
Sizin gülüşləriniz.
Yamanımı danışın,
Elə danışın ki, siz
Mən də xəbərdar olum.
Danışın, qoymayın ki,
Mən özümə vurulum.
Ən qorxulu düşmənin
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən.
Özüm öz əllərimlə
Bir gün bal içirəmsə,
Bir gün zəhər içirəm.
Mən həyat yollarından
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm.
Aprel, 1960
ONUN PƏRİŞANLIĞI
Füzuli heykəlinin açılışı münasibətilə Heykəlin müəlliflərinə
Sağ olun,
Çox sağ olun,
Gözəldir heykəliniz.
Qoy var olsun əliniz!
Füzulini deyil, siz
Bu günü duymuşsunuz.
Sənətin bizim əsrə
Sözünü duymuşsunuz.
Öz əsrində Füzuli
Axı, nəyə ağlamış?
Kim deyir ki, Məcnuna,
Ya Leyliyə ağlamış?
Mən anlaya bilmirəm
Şah tsmayıl əsrini
Yamanlaya bilmirəm.
O, öz zərrə dərdinə
Ümman dedi, dağ dedi.
O, öz “yalanlarıyla”
Əsri də silkələdi.
Bizsə ağ yalanları
Daddıq həqiqət kimi –
Bədbəxtliyi səadət,
Zəhəri şərbət kimi.
Heykəliniz gözəldir!
Onun o əyri beli
Sanki mənim əsrimin
Dərdilə yüklənibdir.
Şeirinin hər nidası,
Nəğməsinin hər xalı
Əsrinə köklənməyib,
Əsrimə köklənibdir.
Onun pərişanlığı
Köksündə od qalanmış
Ana yurdu talanmış
Elin pərişanlığı…
Yüz yerə parçalanmış
Dilin pərişanlığı.
O, sakit görkəmiylə
Qaya kimi dayanıb,
Dərya kimi çağlayır.
Böyük türk millətinin
Dünəninə güvənir,
Bu gününə ağlayır.
İyul, 1962.
ÖZÜMDƏN NARAZIYAM
Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?
Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.
Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.
Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
İyul, 1960, Riqa
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə
keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha
mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri
dönməyəcəksən!…
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum,
tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən,
gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama
dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı
canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi,
gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.
Sentyabr, 1961
ANA HƏDİYYƏSİ
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
– Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
Avqust, 1962, Şəki
VƏTƏNDƏN-VƏTƏNƏ
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Bu necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
Bu qəmim, bu dərdim dağlardan ağırdı
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə…
Vətəndən-Vətənə baxıram.
Oktyabr, 1962
HABİL SEGAHI
Kəmanə kamana toxunan zaman
Tufanmı hayqırdı, selmi çağladı?
Bədbəxt bir qəribin ah-amanından
Bəlkə göy kişnədi, bulud ağladı?
Durnamı ayrıldı, öz qatarından
Obamı dağıldı, elmi talandı?
Zamanmı ayrıldı öz axarından?
Əslimi hıçqırdı, Kərəmmi yandı?
Kamanın qolunda yatan xalların
Hər biri qəm yurdu, hicran yuvası.
Bir qolun üstünə cəm olub min-min
Nəsimi üsyanı, Vaqif nəvası.
Ondakı bu qüdrət, bu sirr nədir, nə?
Əzabla, zillətlə doludur bu qol.
Aylara, illərə, qərinələrə
Bölünən tarixin yoludur bu qol.
O enən, o qalxan səslər, avazlar
Yaz başı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar
Yanan arzuların külüdür bəlkə?
Bu səs, sınaq üçün – qüssənin, qəmin
Könüllər evinə səyahətimi?
Bu səs, ilk atamız qoca Adəmin
Təklikdən gileyi, şikayətimi?
Bəlkə susdurulan neçə dahinin
Yaralı ruhudur bu səs, bu nalə,
Danışmır… düşünür dərindən-dərin
Sözsüz nəğmələrlə ağlayır elə.
Hər xalı bənzəyir bir yanar közə,
Qığılcım sıçrayır hər nəfəsindən,
Bu səslər danışır bəlkə də bizə
Atəşlər yurdunun fəlsəfəsindən.
Deyirəm, bu səsi dinləyəndə mən,
Niyə dəqiqələr dönüb il olmur?
Bu səsin oduna, deyirəm, görən
Niyə bütün səslər yanıb kül olmur?
Bu səsdən ürəyim oldu bir tikə –
Bağrımın başında yaradır bu səs.
Ayın camalında qara bir ləkə,
Lalənin köksündə qaradır bu səs.
Yox! Kardır qulağı kainatın da,
Eşidə bilsəydi suya dönərdi.
Sonsuz kainatın sonsuz qatında
İşıqsız ulduz da şölələnərdi.
Bu ahmı, amanmı ucalır yerdən,
Yer öz fəryadına özü bezdimi?
Qoca Füzuli də bu nalələrdən
Ney kimi bənd-bənd kəsilməzdimi?
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi,
Odun atəşinə od şan-şan olur.
Bu səsin oduna alışar su da;
Ağac hər atəşə alışan olur,
Bu niyə alışmır belə bir oda?
Habil! Ay insafsız, ürəyimizi
Yandırıb yaxmaqda qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi?
Bu haqqı kim verib, kim verib sənə?
Sentyabr-oktyabr, 1964
TƏYYARƏLƏR
İsmayıl Şıxlıya
Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr,
Məhəl qoymaz
nə yağışa,
nə küləyə
təyyarələr.
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli…
Aşıb-daşar təyyarələr.
Yerdə deyil,
göydə yaşar
təyyarələr.
Sərnişinə
Vüqarından – vüqar verir
təyyarələr,
Günlərin yox,
Saatların az ömründə
Qütbləri birləşdirir
təyyarələr.
Gecə gedir,
Gündüz gedir
təyyarələr.
Məqsədinə,
Mənzilinə dümdüz gedir
təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
Dolay bilməz
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz təyyarələr.
İçəridən alışmasa
bu sürətlə,
bu cürətlə
Gedə bilməz
təyyarələr.
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça-uça,
qaça-qaça
Öz içindən tez üzülər
təyyarələr.
Yavaş-yavaş ölə bilməz.
Öləndə də birdən ölər
təyyarələr.
Aprel, 1966
KRIMDA TATAR QƏBİRLƏRİ
Torpağən altında yatır yerlilər,
Üstündə gəlmələr kefdə, damaqda.
Yerlinin dərdini yersiz nə bilər?
Yerlinin haqqını o, tapdamaqda.
Gəlmə haqlı bilir özünü, haqlı!
Yerlinin yurduna yolları bağlı…
Bilmirəm Krımın öz sahibləri
Bu torpaq altında necə dincəlir?
Millət bu diyardan gedəndən bəri.
Ruhlar öz yurdunu ziyarət üçün
Sibirəmi gedir, buramı gəlir?
Tatar məzarları… əl açıb göyə
Torpağı qaldırıb niyə qabarmır?
Ölülər yer altda, görəsən, niyə
Haqq deyə qışqırıb fəryad qoparmır?
Krımı götürüb çiyinlərinə
Millət olan yerə niyə aparmır?
Məzarlar bu yurdun öz sahibləri
Niyə bu zillətin bağrını sökmür?
Torpağın üstündə sahibkar kimi
Gəzən gəlmələri dənizə tökmür?
May, 1966 Krım, Yalta.
BƏXTİYARAM MƏN
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
Dekabr, 1962
BAKIYLA TƏBRİZİN ARASINDAYAM
Mənim qismətimdir alatoranlıq
Gecəylə gündüzün arasındayam,
Qurulur içimdə mizan-tərəzi,
O gözlə, bu gözün arasındayam.
Yollar ayrıcında çox talanmışam,
Fikirlər əlində haçalanmışam.
Təpədən qorxmuşam, düzü danmışam,
İndi dağla düzün arasındayam.
İlişib qalmışam qəm çalasında,
Bir gözəl tilsimin daş qalasında,
Həmişə qapılar astanasında
Bayırla dəhlizin arasındayam.
Bəxtiyar, sinəndən neçə “mən” keçir
Biri dərdli keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir.
Bakıyla Təbrizin arasındayam.
May, 1969
QOCALMIR
Qocaldır insanı, qocaldır zaman;
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?
Getdi baharımız, yer qışa qaldı.
Düzlər qara qaldı, yağışa qaldı.
Bizimki bir quru baxışa qaldı,
Neyləyək arzunun gözü qocalmır.
Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
1965
AZƏRBAYCAN OĞLUYAM
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm,
mən mənəm!
Köküm üstə bitmişəm,
Şöhrətim var,
Şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.
Azərbaycan oğluyam,
At belində doğuldum;
Zamanın qazanında
Neçə dəfə dağ oldum.
Mənim damarlarımda
Gur sellər çağlamışdır.
Anam cəngilər üstə
Məni qundaqlamışdır.
Azərbaycan oğluyam,
Min ildir,
öz adımın
Keşiyində durmuşam,
Silahım olmayanda
Nifrətimi barıttək
Qəlbimə doldurmuşam…
Hünər göstərməyincə
Adsız yaşamışam mən.
Dədəm Qorqud ad verdi
Mənə öz hünərimdən.
Yoluma nur çiləyən,
Qoluma qüvvət verən
Eşqim,
ustadım oldu;
Adım doğdu hünərdən
Hünərim, adım oldu.
Azərbaycan oğluyam,
Yaşım adımdan qədim.
Heç kəsin toyuğuna
Ömrümdə “kiş” demədim.
Kimsənin torpağında
Gözüm yox;
bilsin aləm
Torpağımdan bir çərək
Kimsəyə də vermərəm.
Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan.
Musiqim – Qarabağdır,
Sözlərimsə – Naxçıvan.
Bu torpaqda yaranmış
Koroğlunun cəngisi,
Qıratın üzəngisi!
Özümə vurulmadım,
Sevinc də görmüşəm mən,
Sitəm də,
Dərd də,
Qəm də…
Sabirin göz yaşıyla
Özümə gülmüşəm də.
Çənlibeldən düşəli
Cığırları dağıdıb
Geniş yollar salmışam
Çənlibeldən də uca
Dağlara ucalmışam.
Ucalsam da günbəgün,
Dünənki son zirvəmə
Bu gün yenə “az” dedim.
Tarixin kölgəsində
Daldalanan millətin
Sabahı olmaz dedim!..
Neyləyək ki…
zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm.
İki başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Həm Təbriz, həm Bakıdır
Məkkəm, Mədinəm mənim.
Pasportsuz yaşar bu gün
İki Vətəni olan
Azəroğlum, Qafarım,
Əlim, Mədinəm mənim.
Balaş, biz ikimiz də
Bir ananın oğluyuq,
Biz ki, Azəroğluyuq.
Hər ikimiz əzəldən
Bir arzunun quluyuq.
Elimiz də bir bizim,
Dilimiz də bir bizim.
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün başqa-başqa?
Öz məsləkim, öz eşqim
Daim məndən öndədir.
Azərbaycan bayrağı
Başımın üstündədir!..
Əqidəmin, eşqimin,
Qanımın rəngi bayraq,
Bütün arzularımın,
Qızıl çələngi bayraq.
Hər şeydən bu dünyada
Şərəf uca
Şan uca,
Zamanın yollarında
Mən ki, səni tutmuşam,
Daim başımdan uca!
Noyabr, 1966
EKRANDA GÖRÜŞ
Oğul şəhərdədir,
Anasa kənddə,
Görüşə bilmirlər bir məmləkətdə.
Ekranın önündə oturub ana
Fəxrlə,
Qürurla baxır oğluna.
Oğul şeir oxuyur: “ay anam sənə
Canımı versəm də, bu azdır yenə…”
Oğul şeir oxuyur,
Ana dinləyir.
“Balam bir balaca sınıxıb” deyir.
May, 1966, Şəki
MEŞİN QAPILAR
Gözləmə otağında
Saatlarla gözlərin
Lal qapıya dikilər.
Mənim nə çəkdiyimi
Qapılar arxasında
Mürgü döyənlər bilər.
Ürəyində böyüyür,
Dodağında kiçilir
Sözün də, sualın da.
Ax!.. bizim ömrümüzün
Görən neçə parçası
Əriyib külə dönmüş
Qapıların dalında?
Qapılar arxasında
Biz nə qədər durmuşuq.
Neçə gözəl arzunu
Siqar tüstülərilə
Havaya sovurmuşuq.
Ax, sərt üzlü qapılar,
İki üzlü qapılar
Talelər həll olunur
Qapının o üzündə.
Adamlar boynubükük
Əyləşib mat-məəttəl
Qapının bu üzündə.
Dindirsən gələr dilə
Qapıların ağzına
Səpilən tozlar belə.
Onlar toz deyil, ancaq
Qapılara toxunub
Ayaqların altına
Tökülən arzulardır.
Ürəklərdə doğulub,
Bircə “yox” kəlməsilə
Yox olan arzulardır.
Ax!.. Bu bir kəlmə “yox”un
Arxasında nələr var,
Neçə əyilmələr var.
O “yox” deyir, bu, yoxdan,
O özü də xoşlanır.
Deyirəm ki,
Yaltaqlıq da,
qorxaqlıq da
Elə burdan başlanır.
Siz ey meşin qapılar,
Siz ey meşin qapılar,
Sizin üzünüz soyuq;
Sizdən ümidlə girib,
Ümidsiz çıxan da çox.
Sizi təpiklərilə
Vurub açan tapılar,
Siz ey bağlı qapılar,
Qaşqabaqlı qapılar!
Sentyabr, 1966
ÜMİD
Qorxmuram, düşmənim qoy min-min
olsun.
Neyləyər mənə?
Şöhrət sənin olsun, ad sənin olsun,
Ümid ver mənə!..
Ümid istəyirəm, mən ümid ancaq,
Ümidlə qoyaram dağı-dağ üstə.
Nə şöhrət, nə mənsəb, nə dövlət, nə var.
Ey könül, dünyadan sən ümid istə!..
Ümid arzuların qızıl naxşıdır.
Deyərlər, yeməkdən ümid yaxşıdır.
Deyək dənizdəyəm, sahil görünmür.
Ümid mənimlədir,
o, məndən dönmür.
Sahilə can atıb çırpınır ürək.
De, neyləyəcək
Üstümə şığıyan ləpələr mənə?
Ümid ver mənə!
İnamla ucaltdıq anamız yeri,
Biz möhtac olmadıq dosta, düşmənə.
Dəmir çəpərləri, daş hasarları
Dişimlə sökərəm, ümid ver mənə!
Həsrət də, hicran da deyil qorxulu.
Ümidlə açılar hər eşqin yolu!
Bir il – bir an kimi görünər mənə.
Ümid ver mənə!
Həsrət – vüsal qədər xoş gələr mənə,
Ümid ver mənə!
İnam ver mənə!
Yaman darıxır,
Səfərə çıxır Mənim könlümdəki xəyallar
yenə,
Bələdçi yerinə ümid ver mənə.
Diləklər ümidlə birgə doğulsa,
Yerin tərkində də ucalar insan.
Arzumu tapmağa ümidim olsa,
Mənzil başındayam, yola çıxmadan.
Ümidlə qoyaram dağı dağ üstə.
Ey könül, özündən sən ümid istə!..
Mart, 1967
ŞAİR – VƏTƏN
Arada-bərədə görürsən tez-tez,
Deyirlər: “Nə çoxdur şairlərimiz,
Bunun qarşısını alaq biz gərək,
Bizə həkim gərək, mühəndis gərək…”
Mənsə deyirəm ki, şair bol olsun,
Bütün doğulanlar şair doğulsun.
Sənətkar sənətə amalla başlar,
Şeirim – amalımdir – desəm, yeridir.
Şeir yazmasa da, əqidədaşlar
Dünyanın ən böyük şairləridir.
“Şair çoxdur” deyə gileylənməyin,
Əlhəzər eləyin tüfeylilərdən.
Yaxşı söz önündə siz də baş əyin,
Şair ki, yığmayır sözləri yerdən.
Şairi kimsəyə dəyişmərəm mən,
Onlar hər cilvədə min sirr axtarır.
İdrakın irişməz dərinliyindən
Onlar söz axtarmır, fikir axtarır.
Onlar gecə-gündüz dərd, ələm çəkir,
Bu ağrı gəlməsin çox yüngül sizə.
Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə…
Şairin bədəni – bu ana torpaq,
Nəfəsi – xəzridir, qanı – Kür, Araz.
Çox şey Vətənsiz də yaşayır, ancaq
Şeirsə Vətənsiz, elsiz yaşamaz…
Şairə vəzifə, rütbə nə gərək!
“Vətən”, “Vətən” deyir könül səsi də.
Vətəni sevməkdir, Vətəni sevmək,
Şairin ən böyük vəzifəsi də.
Ancaq… bəla onda, dərd ondadır ki,
Vəzifə xumarı gözünü örtən,
Vətəni pul kimi cibinə dürtən
Bir rüşvət düşgünü, rütbəli nadan
Durub kül üfürür gözlərimizə.
Vətəni sevməyin “qaydalarından”
Utanmaz-utanmaz dərs deyir bizə.
Vətəni sevməkdə nə qayda, qanun?
Vətən sevgisinin hüdudu varmı?
Ey nadan, ölçülər özünün olsun,
Məhəbbət ölçüyə, həddə sığarmı?
May, 1967
MİZ ARXASINDA
Gündüzlər gəzirəm bizim şəhəri,
Axşamlar qonuram öz budağıma.
Axşamlar xəyalım gəzir hər yeri
Dünyanı sığdırıb dar otağıma.
Masa arxasında mən söz ordumu
Çəkirəm üstünə hər qaranlığın.
Mən bütün dünyanı,
Mən öz yurdumu
Mizimin üstündə görürəm aydın.
Masa arxasında… əlimdə qələm
Gəzirəm dünyanı mən qarış-qarış,
Mənim xəyalımın, deyirəm, bu dəm
Ayağı dəyməyən bir yer qalmamış.
Masa arxasında könlüm biqərar –
Yolum neçə kənddən, şəhərdən düşür.
Vyetnama yağan ağır bombalar
Elə bilirəm ki, evimə düşür.
Güclüyəm! – deməli, mən haqqam, deyə,
Zülm haqq paltarı geyinir bu gün.
Mənim misralarım dönür gülləyə
Evini tutanda güclü gücsüzün.
Sinada yandırır gün göyü, yeri,
Yenə də ərəbin Vətəni darda.
“Su” deyib yananda ərəb əsgəri
Mənim dodaqlarım çatlayır burda.
Masa arxasında öz ürəyimi
Məşələ döndərib yandırıram mən;
Dünyanın dərdləri mürəkkəb kimi
Axır qələmimdən, axır sübhəcən.
Ürəyim ilhamla, sözlə dolanda
Hər sətrim könlümdən od alır mənim.
Duyan bir ürəkdə tel qırılanda
Şeirimin vəzni də qırılır mənim.
Masa arxasında… torpağın, yerin
İsti nəfəsiyəm, zərif ətriyəm.
Mən havanın deyil, hadisələrin,
Könül dünyasının barometriyəm.
Qoşuram ardınca xoş xəyalların,
Yer mənim, göy mənim, asiman mənim.
Qəlbimdən min qəlbə gedən yolların
Əvvəli başlanır masamdan mənim.
Elə ki, qalxıram masa dalından
Xəyalım kiçilir, fikrim gərilmir.
Bayaq otağıma sığışan cahan
İndi öz-özünə sığışa bilmir.
Bayaq öz canıma, qanıma qıydım,
Bilmirdim vaxt keçir, yatasıyam mən;
Bayaq bir dünyanın vətəndaşıydım,
İndi övladımın atasıyam mən.
Oxuyun könlümü şeirlərimdən,
Könül gizlənməsin söz arxasında;
Dünyanın ən gözəl adamıyam mən
İlham aləmində, miz arxasında.
May, 1967
RİYAKAR
Mənim övladıma ana dilində
Dərs deyən “ağıllı” müəllimə bax.
“Vətən”, “Vətən” deyir,
Öz övladını
Əcnəbi dilində oxudur ancaq.
Özgəyə: “Dilini öyrən!” – deyirsən,
Özünsə… Bu dili bəyənməyirsən!..
Nə deyək bu miskin riyakarlığa?..
Yoxsa, öz qınını bəyənmir bağa?..
Bir nədir, beş-altı dil bilsin gərək,
Bizim sabahımız – körpələrimiz.
Vətən dilinə də dodaq büzməyək,
Burdan ayaq açıb, yola çıxaq biz.
Evdə ayaq açır əvvəlcə hər kəs,
Sonra uzaqlara düşür qədəmlər.
İlkini bilməyən sonunu bilməz,
Evdən üz döndərən çöldə vərəmlər.
“Əvvəl evin içi” demişlər nədən?
Sən çölü bilməzsən, içi bilmədən.
Yaxşı bilmək üçün özgə bir dili
Əvvəl öz dilini yaxşı bilməli.
Niyə özümüzü ögey sayaq biz?
Niyə atamızı tanımayaq biz?
Özgəni sevirsən?
İnanmıram mən!
Özünü sevməyən özgəni sevməz.
Vətənin dilinə gərəksiz deyən
Vətənin özünü necə sevir bəs?
Üzünə dursaydı yediyin çörək,
Rəzil olduğunu özün qanardın.
Dilimi dansaydım mən də sənin tək
Sən kimə dərs deyib pul qazanardın?
Vətən qeyrətini çəkməyən oğul
Həm özünə yükdür, həm özgəsinə;
Bu dildə dərs deyib qazandığın pul,
Yediyin çörək də haramdır sənə!
Böyüt balanı da sən özün təki,
Denən, özün yaşa, aləm yox olsun.
Namus olmasa da keçinər, təki
Dilin uzun olsun, qarnın tox olsun.
Səninçin dünyaya dəyər, a nadan,
Bir anlıq ötəri könül xoşluğun.
Min dəfə kiçikdir atalığından
Sənin insanlığın,
Vətəndaşlığın!
Oktyabr, 1967
“ANAMIN KİTABI”
Böyük əməlpərvər, böyük vətəndaş Cəlil Məmmədquluzadənin əziz xatirəsinə
“Anamın kitabı!” – oxudum bir də,
Bu günüm dünənlə gəldi, görüşdü;
Cəlilin çaldığı sarı simlərdə
Qədim bir təmsil də yadıma düşdü:
Xərçəng – arabanı çəkir quruya,
Ördək – buludlara,
Kor balıq – suya…
Araba tərpənmir ancaq yerindən,
Sənin timsalınmış bu hal, ey Vətən!
Talandı bir zaman dövlətin, varın…
Varlıykən əl açdın sən özgələrə.
Yadlar yox,
Səni də öz övladların
Çəkdi üç tərəfə, çəkdi üç yerə.
Ana ümid oldu doğma övlada,
Övlad bel bağladı yadlara yalnız.
Övlad bilmədi ki,
qonşuya, yada,
Göz dikən qalacaq şamsız, çıraqsız.
Bu doğma torpaqda doğulub onlar,
Dedilər, biz hara, bu torpaq hara,
Doğma kitablara yad olub onlar
Ümid bağladılar yad kitablara.
Ananın kitabı çatdı imdada,
Dedi: “özünə bax, əl açma yada;
Vaxt çatıb uzağı, yaxını tanı,
Bil, sənin əvvəlin, axırın nədir,
Vətən xəstədirsə, onun dərmanı
Kənarda deyildir, öz içindədir…”
Anamın kitabı! Tarixdən qədim,
Çiçəkdən – təzə-tər,
Göylərdən dərin.
Ayağı altında torpaq görmədim
Anadan üzünü çevirənlərin.
Bu böyük mətləbi bilmədik bəzən,
Bizi bölə-bölə çəkdilər dara.
Əl çəkib müqəddəs atəşimizdən
Yüzillər baş əydik yad kitablara…
Tapdandı anamın şərəfi, şanı,
Bizdən sərvət alıb söz gətirdilər.
Bu boyda ölkəni – Azərbaycanı
Bir ərəb qızına cehiz verdilər.
Məni bağışlasın Şəhriyarım da,
Otuz il özgəyə “bəradər” dedi.
Öz doğma yurdunda, öz diyarında
Doğma anasına o, “madər” dedi.
Elə ki, yumruğu yerə dirəndi,
Dərhal yada düşdü doğmaca kəndi.
Bunlar nağıl deyil, tarixdir, ancaq
Tarixin hökmünə, könül, yaxşı bax!
Gəl bilək, insanmı, zamanmı haqsız
Gah ona, gah buna biz yamaq olduq.
Kiçik komamızı qoyub çıraqsız,
Özgənin qəsrində biz çıraq olduq.
Bu böyük dərdləri düşündü Cəlil
Onu qorxutdular,
öz amalından
Nə bezdi,
Nə küsdü,
Nə döndü Cəlil!
O da bu günlərə ümid bağladı,
Ayıldıb atamı,
bir ürək kimi
Milyon ürəklərdə döyündü Cəlil!
MƏNƏ NƏ VAR?
“Bizdə bu soyuq qanları neylərdin, ilahi?”
M.Ə.Sabir
“Mənə nə var?!” dedin.
Düzmü dedin sən?
Birləşir axırda ən uzun yollar.
Kənara çəkilmə, bil ki, bu gündən
Bu gün mənə varsa, sabah sənə var.
Daşqın böyrü üstə yıxsa bir dağı,
Yanındakı dağ da əyiləcəkdir.
Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir.
Buzdan soyuq olar ilanın qanı,
İnsansan!
O isti qanın bəs hanı?
De görək, sən necə baxa bilirsən
Gözünün önündə tapdanan haqqa?
Nədən alışmayır bədənin, nədən,
Haqsız məşəl tutub o yanan haqqa?
Necə insan deyim, necə mən sənə?
Qoy övlad deməsin bu Vətən sənə!..
Əgər adamsansa… sev adamları,
Demə, bu, dostumdur, o, düşmənimdir;
Demə, əzizimdir ev adamları,
De, mən bu xalqınam, xalq da mənimdir.
Demə, daş yayınıb qardaşa dəydi,
Mən elə bildim ki, daş daşa dəydi.
Yurdun o başında yıxılan kəsin
Ağrısı qəlbində gərək göynəsin!
Ən böyük dəryanın birdir sahili,
Onu hər tərəfdən döyər dalğalar.
Bir böyük Vətəni, bir böyük eli
Tarimar eləyər “mənə nə var”lar.
Ağaclar qatarla cərgələnibdir.
Onlar bir-birindən çox uzaqdadır.
Budaqlar, yarpaqlar görüşməsə də,
Kökləri bir yerdə, bir torpaqdadır!
Noyabr, 1967
OĞRULAR
Yusif, milis dostum, od kimisən sən,
Oğrunun, əyrinin qənimisən sən.
Ancaq…
Cürbəcürdür, axı, oğrular,
Anbar oğrusunu tutmağa nə var?..
Düşüb arxasınca bir tüfeylinin,
İzlər axtarmısan, izlər gəzmisən.
Kiçik oğrulardır hədəfin sənin,
Böyük oğrulardan xəbərsizmisən?
Gözlər önündədir dükan, ya anbar,
Artığı, əskiyi bilinir asan.
Əlhəzar,
əlhəzar,
dostum, əlhəzar,
Vicdan oğrusundan, qəlb oğrusundan…
Onlar aça bilir düz ürəkləri,
Ancaq…
Qıfıllıdır öz ürəkləri…
Haqqa qılınc çəkib vicdana qıydı,
Onlar üzümüzə baxdılar dik-dik;
Ya səndə, ya məndə qüdrət olaydı,
Onların içini aça biləydik.
Vəzifə sahibi bir imza üçün
Bizi süründürür on gün, iyirmi gün…
Taleyin asılıb tək bircə qoldan –
Sən bir imzadakı gücə bax, gücə,
Bir də görürsən ki, dağ boyda insan
Bir cırtdan önündə cücədir, cücə.
Ömür parçalanıb doğranır min-min,
Səpilir yollara get-gəl içində.
Gəlməzdi bu vaxta bir tikə heyfim,
Əgər ərisəydi əməl içində…
Haray!
Az ömürdən vaxt oğurlanır,
İnam oğurlanır,
Əsəb korlanır…
Bilmirəm, sən mənə başa sal bunu,
Bu hansı zamandır, bu hansı çağdır. –
Əsəb oğrusunu, qəlb oğrusunu,
Sevinc oğrusunu kim tutacaqdır?
Bir daş sifətlinin, bir sərt cavabı
Uman ürəklərdə iz açır dərin.
Bəs niyə sorulmur haqqı, hesabı
Ürəkdə açılan bu şırımların?..
Çoxalır şırımlar, artır şırımlar,
Dönüb infarkt olur ürək də bir gün.
Bir həlqəyə dönüb axır şırımlar,
İri nöqtə qoyur sonuna ömrün.
Sonra deyirlər ki, indi adamlar
Ölür birdən-birə dağ uçan kimi.
Məgər ürəyinə düşən şırımlar
Onu yavaş-yavaş öldürmürdümü?
Bəs onun ömrünü kim oğurladı?
Bəs niyə dəyişir oğrunun adı?..
Malı ucuz alıb, baha satanlar
Dəllaldır,
Onları cilovlayaq biz.
Zəhmətsiz, mayasız qazanan da var,
De görək onlara nə ad qoyaq biz?..
Dəllalmı? Yox!
Bu ad yaraşmır ona,
Onun bir adı var: “mədəni” oğru.
Talayır adamı göz baxa-baxa
Bu yeni cibkəsən, bu yeni oğru…
Haqqı tapdasa da,
Söylə, bir nədən
Güclünü çox yerdə doğru sayırlar?
Əlini uzadıb uzaq qitədən,
Gücsüzün varını oğurlayırlar.
Belə dəllallara deyən yoxmu bir:
Hərrac malımıdır namusun, arın?
… Bəs kökü nə zaman kəsiləcəkdir
Bu gizli, mənəvi oğurluqların?
1967
MƏNİM ANAM
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam…
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi…
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi – mənim anam!..
Yanvar, 1968
QARA SAÇLAR, AĞ SAÇLAR
Saçlarıma dən düşür, dən düşür, yaman düşür,
Hər baxanda anamın ürəyinə qan düşür.
Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,
Saçımın ağlığından qanın heç qaralmasın!
Alışıram gecələr masa arxasında mən,
Saçlarım da ağarır, qəlbimin atəşindən.
Sən demə ki, balamın bəlkə gizli qəmi var,
Vaxtsız ağaran saçın özgə bir aləmi var.
Ölüm belə qəm deyil bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töhfəsinə.
Zəhməti həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.
Sentyabr, 1957
YAĞMA, YAĞIŞ
Hacıbaba Həsənov bəstələmişdir
Göylər çənə büründükcə
Ürəyimi bürüyür qəm.
Yağma, yağış, yağma, yağış,
Mən görüşə tələsirəm.
Mənim şirin sevincimə
Acı zəhər sən qatma gəl.
Göy çəməndə yol gözləyən
Sevgilimi islatma gəl.
Pəncərəmə hicran yazır
Damcıların naxış-naxış.
Mən görüşə tələsirəm
Yağma, yağış, yağma, yağış,
Ürəyini boşaltmasın
Bu gün göylər insan kimi,
Mən ki, açmaq istəyirəm
Sevgilimə ürəyimi.
Yağsan da mən gedəcəyəm.
Görüşəndə yağışda biz.
Üstümüzdə açılacaq
Çətir kimi öz eşqimiz.
1953
QAĞAYI KİMİ
Həm dənizdə, həm havada, həm də yerdə
cövlanı var,
Həm üzürlər,
həm süzürlər,
həm gəzirlər,
qağayılar. Bu arzunun həsrətilə əsrlərlə
mən yanmışam,
Təbiətin qağayıya bəxş etdiyi nemətləri
Mən əqlimlə qazanmışam:
həm gəzirəm,
həm üzürəm,
həm süzürəm!
İyul, 1960, Riqa
HƏR ŞƏKİLDƏ BİR ANIM…
Qələm yoldaşım Yusif Səmədoğluna
Hərdən töküb önümə
köhnə şəkillərimi,
Mən yadıma salıram
o ötən illərimi.
Bu şəkillər, şəkillər
köhnə xatirələrin
min nəğməli səsidir.
Yaşadığım anların
kağızlar üzərində
əks olan kölgəsidir.
Şəkillər yığın-yığın,
şəkillər dəstə-dəstə;
Hər şəkildə bir anım
əbədilik yaşayır
cansız bir kağız üstə.
Yaşamışam o anı,
O an çıxıb əlimdən;
O anda keçirdiyim
Həyəcanı, duyğunu
yaşamaram bir də mən.
Siz ey ötən illərdən
mənə xatirə qalan
cansız dövlətim, varım –
Kağız parçalarında
donub qalan anlarım!
Siz üstünü toz basan
nəğməsiz bir simsiniz,
mənim zahirimsiniz…
O anda yaşadığım
hissim, duyğum, düşüncəm,
bura əks olunmamış –
kağız üstə qonmamış.
Bax, bu şəkil: əlimdə
bir dəstə gül tutmuşam;
Sanki qaya başından
yerə baxan bir quşam.
On il əvvəl çəkilmiş
bu şəkilə baxanda,
O vaxtkı duyğularım
yada düşür bir anda.
O duyğuma gülürəm,
o arzuma gülürəm.
Duyğular başqalaşmış,
Arzular başqalaşmış.
O zamandan bu yana
çox sıldırım dağları,
qayaları aşmışam.
Arzular başqalaşmış,
mən də başqalaşmışam.
O şəkildə gördüyün
əli çiçəkli oğlan –
sadə ürəkli oğlan
mənəmmi?.. Ah, dəyişir –
Axı, insan dəmbədəm.
Doğrusu, o, həm mənəm,
Həm də ki, mən deyiləm.
Bu şəkillər, şəkillər
köhnə xatirələrin
min nəğməli səsidir.
Yaşadığım anların
kağızlar üzərində
Həkk olan kölgəsidir.
İyul, 1960, Riqa, Dubultı
ÖMRÜN PAYIZI
Dövran tez dolanır, illər tez gəlir.
Biz də dəyişirik hey ildən-ilə.
Ömrün pillələri necə düz gəlir
Ana təbiətin fəsillərilə!
İlk bahar çağıdır uşaqlıq ömrün,
Şıltaqdır, oynaqdır kəpənək kimi.
Ömrün yay çağıdır gənclik büsbütün,
Coşğundur, dəlidir o, külək kimi.
Barlı-bəhərlidir payızı ömrün,
İnsan da bar verib əyir başını.
Dünyanı dərindən dərk etmək üçün
Düşünüb, gizlicə çatır qaşını.
Ağarır saç, saqqal ömrün qışında,
Həyat zəifləyir, axıra çatır.
Əl-ələ verərək, qoca yaşında
İnsan mürgüləyir, təbiət yatır.
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
Saralır get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs qulağıma hey pıçıldayır:
– Bəxtiyar, göylərdən en yavaş-yavaş!
Oktyabr, 1960
QALİLEY
Dedi: – Yer fırlanır… inanmadılar.
Onlar ona güldü, o da onlara.
Dedi: – Həqiqətə şübhənizmi var?
Dedilər: – Haqq deyən çəkilir dara.
O dedi: – Fırlanır, fırlanacaq yer,
Buna gülsəniz də, gülməsəniz də.
Yerdən dərs götürüb ölənə qədər
Məgər fırlanmırıq həyatda biz də?..
“Fırlanır” – Sözüylə o müdrik insan
Qırdı mövhumatın sərt buzlarını.
Əqlin baltasıyla vurdu başından,
Sındırdı öküzün buynuzlarını.
Milyon il dedilər: – Qaşqa öküzlə
Çatıbdır şöhrətə, şərəfə dünya.
Dedi: – Yer fırlanır… ancaq bu sözlə
Tanıdı özünü ilk dəfə dünya!
Qaliley “fırlanır” – Deyəndən bəri,
Ucaldı, göylərdən yerlərə baxdı.
Hər cürə uydurma əfsanələri,
Əqlin alovunda yandırdı, yaxdı.
Yer fırlanır, – deyə o çəkdi fəryad,
Sözünün gücünü özü də bildi.
Elə bil, bir anlıq susub kainat,
Bu iki kəlməyə qulaq kəsildi.
Dedi: – Yer fırlanır – qarışdı aləm
Yer durdu, fırlandı məscid, kəlisa,
Dedi: – Yer fırlanır, elə bil bu dəm
Təzədən çəkildi çarmıxa İsa…
Dedi: – Öz hökmümə inanıram mən,
Gərək dəyişilə dünyanın adı.
Dedi: – Yer fırlanır!… Bu iki sözdən
Papanın başında göy guruldadı.
Dedi: – Yer fırlanır… Bu ikicə söz,
Min bir sual düzdü “İncil”in üstə.
Papa qəzəblənib – Dağ basarıq biz –
Dedi, – bunu deyən o dilin üstə.
Divana çəkdilər alimi dərhal,
Dünyanı düşündü, eşqini andı.
Böyük Cordanonu yandıran tonqal,
Gözünün önündə gəlib dayandı.
Müqəddəs kitaba əl basıb həmən
Dedi: – Şəkkim yoxdur, bu kitab haqdır.
Ancaq düzü budur; deməsəm də mən,
Yer elə fırlanır, fırlanacaqdır!
Qəlbə bax, eşqə bax!..
Qorxub ölümdən,
O öz məsləkindən geri dönmədi.
– Həyatın naminə sürünmərəm, mən,
Məsləkin naminə ölərəm, – dedi.
Bəşər tarixində bəlalı insan,
İki qütb önündə çox dayanıbdır.
Haqdan yapışanlar keçib həyatdan,
Həyatdan qopmayan haqqı danıbdır.
Bu hünər önündə baş əyirəm mən.
Ötən zamanlarla fikrim öpüşdü.
Ölüm ayağında “Ənəl-həqq!”
– deyən
Mənim Nəsimim də yadıma düşdü.
Qaliley! Hələlik kəşfin bir yana!
Onun qiymətini alimlər bilər.
Sən haqdan dönmədin həyat naminə,
Bundadır böyüklük, bundadır hünər!
May, 1963
SÜRƏT
Bir zaman vardı,
Verst ağaclarını saya-saya,
Üç günə gedərdik
Moskvaya.
Darıxardıq,
Bu sürətin ləngliyinə,
Sonra uçduq səkkiz saata,
Darıxdıq,
Darıxdıq yenə…
İndi üç saata gedirik,
ancaq
Yolun uzunluğu
Yenə darıxdırır bizi,
İşıqdan almaq istəyirik
sürətimizi.
Yox!
Bu sürət də bizə yenə azdır, az!
Bu sürət
Fikrimizin sürətinə çatmaz.
Mən əsrin oğluyam,
əsrin!
Darıxmamaqçın
Mənə
Fikrimin sürətini verin!
Sentyabr, 1963
NEKROLOQ
Nekroloq – bir həyatın son nidası, son səsi,
Bir mənalı həyatın ən qısa mənzərəsi.
Ömrün bütün günləri tez bir yerə yığışdı
on cümləyə sığışdı…
Mərhuma bircə anlıq versəydilər ömr əgər,
Baxıb, baxıb yad kimi,
o buna ağlardımı, o buna gülərdimi?..
Boylandı əməllərin ən kütah lövhəsindən
mərhum bizə son kərə.
Hər kəsin arzuları çoxdur əməllərindən
min kərə, milyon kərə.
Ürəkdəki arzular əməllərdən əzəldir,
Eləmək istədiyim mənim elədiyimdən
həm çox, həm də gözəldir!
Eləysə… Nekroloqa ömür tam olsun deyə
Əməllərlə bərabər ən gözəl arzular da
niyə yazılmır, niyə?!
Fevral, 1964
BİR ÜRƏKDƏ DÖRD FƏSİL
Hər gecə danışır radio havadan:
“Sabah az buludlu, biri gün yağış…”
İqlimin sirrini bu qadir insan
Gör necə öyrənmiş, gör necə açmış…
Sabahkı havanı bilirik bu gün,
Ey insan,
Bununla demərəm öyün…
Minbir havasını yerin, dənizin
Əvvəldən bilirik çox zaman, şəksiz.
Bəs niyə bilmirik öz qəlbimizin
Bir andan sonrakı havasını biz?..
Dörd fəsil yaşayır bir ildə torpaq
Qış, qış kimi gəlir, bahar bahartək.
Bir saat içində bəs nədən ancaq
Dörd fəsil yaşayır bəzən bir ürək?
Sabahkı havanı bilirik bu gün.
Ey insan,
Bununla demərəm öyün…
1965
MƏNİM AD GÜNLƏRİM
Bu gün ad günümdür… evdə hamı şən.
Ancaq fikirliyəm, kədərliyəm mən.
Gəncliyim ötəli, belə günlərdə
Anıb yoxuşumu töyşüyürəm mən.
Xəzan yarpaqları oynaşan yerdə
Necə üşüməyim?.. Üşüyürəm mən.
Ancaq… uşaqlıqda istərdim hər gün,
Bizim evimizdə məclis qurulsun.
Günlərin hamısı dönüb büsbütün
Məni sevindirən ad günüm olsun.
Atamın, anamın yeganəsiydim,
Arzusu, həvəsi, könül səsiydim.
Ömrün nə qəribə günləri vardı,
Mənim ad günlərim bayram olardı.
Mən nə biləydim ki, dəyişir insan,
Ad günün, şad günün olmur bir zaman.
Aldığım o gözəl oyuncaqları
Qaçıb göstərərdim dostlara bir-bir.
Hanı, hanı ömrün o şən çağları?
Gedən, a qardaşlar, bir daha gəlmir…
Həmən adamammı?… Yox, başqayam mən.
Özgə cür görünür bu aləm mənə.
Bir zaman könlümə sevinc gətirən
Ad günüm gətirir indi qəm mənə.
Deyirəm, yenə də ömrümdən bir il
Ötdü…
Ötən illər səfə düzülür.
Mənim ad günümdə indi mən deyil,
Mənim balalarım sevinib gülür.
Avqust, 1965
QORXU
Mənim sol əlimdə yanıq yeri var,
O, mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar,
Əlimi manqalda yandırmışam mən.
Mənə “cız!” – dedilər,
Ancaq qorxmadım.
Əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım,
Əlimi yandıran oddan başladı.
Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü.
Dünyaya gələli, bilmirəm nədən,
Nəyə vurulduqsa, yandırdı bizi…
Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu –
Başlandı ehtiyat –
Başlandı həyat…
İyul, 1966, Şəki
ANAM TƏZƏDƏN BÖYÜYÜR
Qızım Gülzara
Anam, öz adını qızıma verdi,
Anam, nəvəsini çox istəyərdi.
Körpə nəvəsini qoyub yerində
Anam arxayınca dünyadan getdi.
Qızımın qıyqacı nəzərlərində
Anamı görürəm, anamı indi.
Nəvə nənəsinə oxşayır eynən,
Böyüyür, ucalır ilbəil qızım.
Təzədən böyüyür, anam təzədən,
Anamın özüdür elə bil, qızım.
Həyat öz qəribə sirlərindən
Bizə əlvan-əlvan möcüz göstərir.
Qızımı adıyla çağırmıram mən
“Ay anam” deyirəm, o da hay verir.
O mənim anamdır, o mənim anam,
Ancaq bir fərqi var, bunu danmaram:
Bir vaxt anam mənə can-can deyərdi,
İndi mən anama can-can deyirəm.
Bir vaxt anam məni çox istəyərdi,
İndi mən “anamı” çox istəyirəm.
Sentyabr, 1966
HƏSRƏT
Yoxsan…
Qəribə işdir
Danışıram yenə mən
Əlim qələm də tutur,
Durub şeir yazıram
Səhər-səhər sənə mən.
Sən həm mənim kədərim,
Sən həm də şadlığımsan.
Sən mənim əsarətim,
Həm də azadlığımsan…
Yoxsan…
Qəribə işdir
Qəlbim,
hissim,
düşüncəm,
Axı, oyaqdır mənim
Necə nəfəs alıram –
Havam ki, yoxdur mənim?
Yoxsan…
Sən mənim üçün
Xoş arzularsan, demək,
Baharda qarsan, demək,
Qışda baharsan, demək.
Yoxsan…
sən mənim üçün
Daha çox varsan, demək.
Sevilənlər, sevənlər
Ayrılığın, həsrətin
Əlindən dad çəkdi, dad.
Eşq – həsrətin anası,
Həsrət – aşiqə ustad.
Ömrün boyu qaçmısan
Arxanca yüyürmüşəm.
Səndə imkansızlığı,
Uzaqlığı görmüşəm.
Həsrət öyrətdi mənə
Hardayam…
indi hardan
Hara gedəcəyəm mən.
Nəydim,
indi nəyəm mən?
Həsrət öyrətdi, həsrət
Vaxtın hardan başlayıb,
Haraya vardığını.
Həsrət öyrətdi
mənlə
Başlayan bir həyatın
Səndə qurtardığını.
Həsrətinin gözüylə
Mən dünyaya baxanda,
Gecələr gündüz olur.
Həsrətinin zülməti
Gözlərimə nur verir,
İdrakıma göz olur.
Həsrətim başlananda
Başlanır bu cahana
Sonsuz heyrətim mənim.
İdrakımla yaşıddır
Eşqim, həsrətim mənim…
Böyük bir şair dünən
Vaxtın qısalığından
Dad çəkib “uzan!” – dedi,
Anın qısa ömrünü
O, uzatmaq istədi.
“Ey an, sən uzan” deyib
Vaxta böhtan yazdı o.
Əgər həsrət çəksəydi
Ana yalvarmazdı o.
Onda o bilərdi ki,
Həsrətin bircə anı
Bərabərdir illərə.
Bircə günlük ayrılıq
Neçə illik vüsaldan
Uzun olur yüz kərə.
Bircə günlük ayrılıq
Bir ömürlə tən olur;
Həsrət vaxtı uzadan,
Səbri gödəldən olur.
Həsrətin – məhək daşım,
Həsrətin – yol yoldaşım.
Yanır başım üstündə
O, ulduz tək, o, gün tək.
Mərdanədir, böyükdür
Həsrətin də özün tək…
İyul, 1964, Kislovodsk
ÖZÜNDƏN AYRILA BİLMƏYƏCƏKSƏN
Deyirsən, dərd oldu bizə eşqimiz,
Sarsıntı, üzüntü yetməzmi artıq?
Ürəkcə nə qədər bir olsaq da biz
Həyat yollarında ayrılmalıyıq.
Ayrılmaq! Söz asan, əməl çətindir,
Sevmək! Bu ki, sənin öz fitrətindir.
Necə ayırasan odu ürəkdən,
İstini atəşdən, ətri çiçəkdən?..
Mənim öz istəyim, mənim öz kamım –
Sənin öz istəyin, sənin öz kamın.
Sənin ad günündür mənim bayramım,
Mənim ad günümdür sənin bayramın.
Biri-birimizçün doğulmuşuq biz.
Birdir hər eşqimiz, hər istəyimiz.
Hərdənbir darıxıb gəzməyə çıxsan,
Ayağını öpən göy otlar mənəm.
Başını qaldırıb göylərə baxsan,
Kövrəlib qaralan buludlar mənəm.
Demə ki, yanımca nə hərlənirsən?..
Mehvərin başına gərək hərlənəm.
Bəzən səbəbsiz də kədərlənirsən,
Səbəbi axtarma,
o səbəb mənəm!
Qəlbin çox ucalır, çox qanadlanır,
Ona zirvə mənəm,
Ona son mənəm.
Yata da bilmirsən uzun gecələr,
Gözlərindən qaçan o yuxun mənəm…
Hər kəsə tutmadın, axı, tən məni.
Sən də bu dünyada mənimçün təksən.
Sən qova bilərsən evindən məni,
Qəlbindən ki, qova bilməyəcəksən.
Sənin hər dəqiqən, hər anın mənəm,
Axı, adın mənəm, ünvanın mənəm.
Qapını üzümə bağlasan da sən,
Özündən ayrıla bilməyəcəksən…
Sən ki, sən deyilsən,
Sən də bil, mənəm.
Yaşını çoxaldan, səni ucaldan,
Gün mənəm,
Ay mənəm,
Gülüm, il mənəm!..
1965
UNUTDURDUN SƏN MƏNƏ
Xəyalınla, fikrinlə
Həmişə sərxoşam mən.
Unutmuşam özümü,
Dönüb sən olmuşam mən.
Öz könlümün səsindən,
Öz könlümə ün düşüb
Dağlar başı qaralıb
Dərələrə gün düşüb,
Niyə belədir, gülüm,
Sən özün bilməlisən,
Fikrimə düyün düşüb!
Həqiqət, – güman olub
Xəyalım – duman olub
Gah düzəndə sürünür
Gah təpədə görünür.
İlişir kolluqlara
Fikirlər – qırıq-qırıq,
Arzular – para-para,
Ümidlər pərən-pərən,
Qəsəmlər – yalan olub
An var dönüb il olub,
İl var dönüb an olub.
Həsrətim, bu anları,
günləri,
danır mənim.
Saatımın əqrəbi
Yalnız sənin başına
Dönüb dolanır mənim.
Sənə könül verəli,
Mənim üçün bu köhnə
vaxt ölçüsü pozuldu,
Sənin məhəbbətinin
Dərəcəsi, ölçüsü
Mənim vaxt ölçüm oldu.
Bir şaxtalı qışdayam,
Mənə əlvan baharı
Unutduran sən oldun.
Ancaq hər gün baharı
Məndən soran sən oldun!
Ümmanam,
sahilimi
Unutdurdun sən mənə.
Qarlı dağam,
selimi
Unutdurdun sən mənə.
Gecəyəm,
gündüzümü
Unutdurdun sən mənə
İnsanam, öz-özümü
Unutdurdun sən mənə
Bu dünyada hər şeyi
Unutdurub sən mənə
Çəkdirmisən göz dağı,
Əvəzində öyrətdin
Səni unutmamağı!..
1965
AZADLIQ
Azadlıq istəyirdin…
İndi məndən uzaqda
Azadsan, cismən azad.
İndi buyur, sevgilim,
Mən dustağam, sən azad!..
Beləmi?
İnanmıram.
Biz bir şəhərdə ikən,
Dəqiqəni, anını,
Sapa düzüb incitək,
İzləyirdim səni mən.
İndi məndən uzaqda
İzləmir heç kəs səni.
Ancaq, azad deyilsən,
İzləyir, öz köksündə
Aldığın nəfəs səni.
Orda pərəstişkarın
Bir deyil, min-min olsun.
Qorxmuram, yox, qorxmuram,
Mən yox, sənin öz hissin,
Sənin gözətçin olsun!
Sən sevən bir ürəyin
Özü boyda dağısan!
Mənim dustağım deyil,
Hissinin dustağısan,
Qəlbinin dustağısan.
İyul, 1966, Şəki
GÖR NECƏ GÜCLÜSƏN
I
Yatmaq istəyirəm…
sənsizliyimi
Yuxu dənizində batırım deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən,
Yuxum da gəlmir ki, heç olmasa mən,
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da,
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən…
II
Gəzmək istəyirəm…
sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə
görünür yerin.
Yox, dözə bilmirəm, dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan təki
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
III
Gülmək istəyirəm… ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim,
Məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.
Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən…
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda.
Gör necə güclüsən, sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür, yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Sentyabr, 1967
BAŞ
Amerika alimi R.Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.
Qəribə aləmdir… zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş…
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş…
Bir maşın sahibi gərək olanda
Sınan hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Aptekdə satıldı bəlkə bir zaman.
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi bundan bir ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?
Ey həkim, gücünə inansan da sən,
Bu yükü boynuna heç götürmə, gəl.
Ayırıb insanı öz aləmindən,
Ana təbiətlə bəhsə girmə, gəl!
Həkim, təbiəti gəl hakim sayaq,
Hifz edək bir səsin yüz ahəngini;
Gücümüz çatsa da
gərək pozmayaq
Bəzən təbiətin öz ahəngini.
Dahinin beyninə qan sızdı birdən
Cahil də qəzaya düşdü həmən gün.
Cahilin başını öz bədənindən
Ayırdıq dahini yaşatmaq üçün!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum, qardaşı?
Dirilən kim oldu?
Bu ki, sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi, yaşayacaq bir nadan kimi…
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsilə
Yaşayan o dahi, yenə dahimi?
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa, özü sağmıdır?
Yaşamaq xətrinə fikri dəyişmək –
Məsləki dəyişmək yaşamaqmıdır?..
1968
İKİ KOR
Bir kor tanıyıram, gözü korsa da,
özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur.
Ağlının gözüylə o görür, duyur.
Ancaq… biri də var… kor deyilsə də,
gözü görməyir.
Dostu göz önündə öldürülsə də,
görmədim deyir…
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
Bəzən gördüyünü görmək istəməz.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur deyərdim.
1968
SƏHƏNDƏ MƏKTUB
Səhənd, sözlərindən odlar töküldü,
Oxuduq şeirini göz yaşlarıyla.
Ata malı kimi yarıya böldü,
Qardaş eyni dərdi qardaşlarıyla.
Yazdın, eyni dərdi yaşayaq bahəm,
Qardaş qardaşıyla həmfikir olar.
Sənin düşüncəndi mənim düşüncəm,
Dərdlər bir olanda fikir bir olar.
O acı fəryadlar, şirin nəfəslər
Mənim də könlümün ahı, naləsi!
Qardaşım, Təbrizdən gələn bu səslər
Bakının səsidir, Bakının səsi!
Deyirsən, yarıya bölünənlərin,
Dərdini dünyada bir bilməyən yox.
Biz də bölünmüşük, ancaq bu dərdi
Uca kürsülərdən heç bir deyən yox.
Yıxılar kənardan itələnənlər.
Təkanı yaradaq özümüz gərək.
Yenə də “olarıq həmən xak” əgər,
Biz öz içimizdən itələnməsək.
Xırda təpələri sellər oyanda,
Əsər bu həmləyə dağlar da zağ-zağ.
Biz də dərdimizə ağlamayanda,
Bizim yerimizə kim ağlayacaq?
Günahkar tutmayaq burda heç kəsi,
Dərilib ayrıldıq biz qonça-qonça.
Ana da süd vermir, ciyərparəsi
Nalələr qoparıb ağlamayınca.
Deyirsən, salama cavab almadın,
Bulud toqquşmasa, buluda neylər?
Mənim öz adımdır sənin öz adın,
Odu su keçirər, od oda neylər?
Mən dizimə döyüb zar-zar ağladım,
Çöllər göz yaşımdan gölmə-gölmədi.
Qranit dağları dələn fəryadım,
Tək Araz çayını aşa bilmədi.
Yüz il, yüz əlli il ağladıq əbəs,
Ancaq ərimədi sinə dağları.
Qardaş, bilmədik ki, göz yaşı dəlməz,
Arzunun önündə duran dağları…
Dünyada hər şeyin bütövü gözəl,
Yarımçıq səadət düşmənin olsun.
Mənə qəm versən də, yarı bölmə, gəl,
Sevinc verirsənsə… qoy yəqin olsun.
Hamlet doğru deyib: “Ya öl, ya da ol!”
Ey!… Yarı canınla demə ki, varsan.
Qəmin də tamını istəyən oğul,
Bəs yarı Vətəndə necə yaşarsan?
Hanı?…
Sormadılar – bəs yarı canın?
Niyə ucaltmırsan üsyan səsini?
Hələ görməmişik, Azərbaycanın
Bir yerdə, biz bütöv xəritəsini…
1968
SANDIQDAN ƏSƏRLƏR
Müəllifdən
Sovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi varaqladım, keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də təəssüfləndim. Ona görə fərəhləndim ki, gənclik illərimdə də həqiqəti görmüş, ağı qaradan seçə bilmiş, duyğularımı, fikirlərimi qəlbimdə gizlətməmiş, müəyyən qədər yazıya köçürə bilmişəm. Ona görə təəssüfləndim ki, ömür yollarında büdrəmələrim də olmuş, duyğu və fikirlərimi açıq-aşkar və tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur.
O dəhşətli illərdə çapa verə bilmədiyim, yalnız yazmaqla təsəlli tapdığım bu şeirlər qəlbimin fəryadı – yəni, o zamanın ağrı, acılarıdır.
NAĞIL – HƏYAT
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli…
Sən duymaq düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim… nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı…
Başıma bəladır mənim öz dilim,
Dənizəm üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı…
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar-qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm, səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasını söyən, yada baş əyən
Rəhbərlər görmüşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil
“Malades” sözünə Vətəni satmış.
Dünyanı biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
Yanvar, 1964 – may, 1965
TORPAQDAN PAY OLMAZ
Biz yaxın olmuşuq, qədimdən yaxın.
O qədər yaxın ki, bizim dağların,
Kölgəsi düşübdür sizin dağlara,
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.
Babam, baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcırdaraq
Dostluqdan deyirik indi o ki, var.
Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var,
Köz tutan o köhnə yaraya bəlkə?
Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa, tökülməli artıq qanın var?
Mənə üzəvarı “qardaş” deyirsən,
Ancaq altdan-altdan iynələyirsən.
Əyyami-qədimdən sadədiləm mən
Baş aça bilmədim, hiylələrindən.
Əgər düşmənsənsə… hiylədən əl çək
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!
Hardan sənin oldu bizim Qarabağ?
Adı, sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
Hələ göz dikmisən Naxçıvana da
Təbriz də, Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr –
Yəni, bütün dünya öz vətəninmiş?..
Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..
Arxını selimə gəl bənd eləmə,
Bu, qan davasıdır, bu qan davası.
Xəbərimizyoxdur… yamaqmış, demə,
Sərçə yuvasına, qartal yuvası?!
Yatır bu torpaqda əcdadım mənim,
Şərəfım,
Şöhrətim öz adım mənim…
Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə dolu torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?
İsa bulağının zümzüməsini,
Cabbarın,
Seyidin,
Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?
Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa sənə “hay” verim!
“Dığalar” yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış.
Neçə yol vermişəm, görünür, azmış,
İstəyir mən ona yenə pay verim!
Oktyabr, 1966.
HÖRÜMÇƏK TOR BAĞLADI
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı –
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldı.
Uydurma tarix bizi anamızdan ayırıb
Yad anadan alınmış bələkdə qundaqladı,
Təməlimiz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu
günün?
Vəzifəyə sümsünən
Vəzifə kürsüsünün
Birinci pilləsində mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz
Şərəf bildik özgəyə qul olmağı, yoxsa, biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, ağalığı unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu
yerdən.
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
Üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi.
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, barışdıq
Biz “azadlıq” adlanan bir uydurma nağılla.
Ölən düşüncələrə qəlbimiz yas saxladı.
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.
Oktyabr, 1968
ŞAİRLƏR
Şairə heykəllər qoyulan zaman,
Deyirlər, ona bax, nə bəxtəvərmiş.
Ancaq demirlər ki, mən yaşayırkən,
O öz sinəsini masaya gərmiş.
O keçib canından ömrə qıyanda
Sənin nəşələrin aşıb-daşırdı.
O ki yaşamırdı, sən yaşayanda
Sənin yerinə də o alışırdı.
Dəryanın dibindən çıxmamış hələ
Tanımaq olmayır mərcanı, dürrü.
Sən həsəd aparma o daş heykələ
Ömürdən sonradır onların ömrü.
Şairlər, şairlər, bircə söz üstə
Sübhədək yaxdınız ürəyinizi.
Sizi görmədilər heç vaxt diz üstə –
Qəribə yaradıb təbiət sizi!
Hamıdan gec yatıb qalxdınız erkən
Ağardı dan yeri gözlərinizdə.
Min əzab çəkdiniz siz yaşayırkən
Ölüb yaşadınız sözlərinizdə.
Zamandan-zamana əqidənizi
Keçirib yaşatdı nəğmələriniz;
Adi bir uşaq da aldadar sizi –
Xəyal dünyasında yaşadınız siz.
Bir kam almadınız siz ki, doyunca,
Sizə xoşbəxt deyən tanımır sizi.
Heç kəs çəkə bilməz ömrü boyunca
Sizin bircə gündə çəkdiyinizi.
Dünyanın əlindən dad çəkən zaman
Xəyal kölgəsində daldalandınız.
Şahların, çarların saraylarından
Alçaq daxmaları uca sandınız.
Ölümdən, sürgündən qorxmayıb əsla
Yanıb özünüzü oda atdınız.
Ürək qanınızla, amalınızla
Zindanlar küncündə söz yaratdınız.
Təqiblə gəldiniz daim döş-döşə
Yolunuz haqq yolu, həqiqət yolu.
Bu da qəribədir, sizin həmişə
Cibiniz boş oldu, qəlbiniz dolu.
Sözünüz, qəsdiniz çıxdı sınaqdan
Ötüb haqq nəğməsi, haqq oldunuz siz.
Yaşamaq naminə keçməyib haqqdan,
“Ənəl-həqq” söyləyib soyuldunuz siz.
Lağ edib güləndə haqqa yalanlar,
Siz də zəmanəyə, dövrə güldünüz.
Gah gizli-xəlvəti, gah açıq-aşkar,
Gah da duellərdə öldürüldünüz.
Dünyanı gəzdiniz siz oymaq-oymaq,
Fərəhin içində qəm gördünüz siz.
Adi bir milçəyə qıymayıb, ancaq
Bəzən özünüzü öldürdünüz siz.
Sizindir dünyanın sinə dağları
Bu dağlar içində kama çatdınız.
Siz hey yana-yana, qaranlıqları
Könül atəşilə işıqlatdınız.
Zalim zülmündə də naşıdır, naşı,
Axı, əzabdan da zövq aldınız siz.
Zalimlər, cahillər hər addımbaşı
Sizi alçaltdıqca ucaldınız siz.
Sanmayın özümü sanıram yəqin
Belə şairlərin cərgəsində… Yox!
Axı, mənim kimi şairciklərin
İlhamı az olur, iddiası çox!
Şair – fikirlərin çırpınan seli,
Şair – həqiqətin müğənnisidir.
Şair – təbiətin danışan dili,
Şair – cəmiyyətin üsyan səsidir.
Şair – zəmanənin, əsrin vicdanı,
Şair – tarixlərin şərəfi, şanı,
Şair – bu dünyaya zamanın sözü,
Şair – həqiqətin, haqqın güzgüsü!
Bütün millətləri siz anlarsınız –
Sevən də sizsiniz qəlbən onları.
Vətənə gəlincə, məcnunlarsınız –
Vətən məcnunları, el məcnunları.
Məcnunluq gözəldir! “Bu nədir?” – deyə
Hər cahil anlamaz bu ülviyyəti,
Yazıq o kəsə ki, yoxdur bir şeyə
Nə sonsuz nifrəti, nə məhəbbəti!
Yoxdur beləsinin amalı, yolu,
Qəlbi ehtiyatdan çilik-çilikdir.
Düşmənin nifrəti deyil qorxulu,
Dostun soyuqluğu düşmənçilikdir.
Bəzən yıxıldınız ancaq çəlikdən,
Kömək ummadınız ağır gündə də.
Həmişə qaçdınız biganəlikdən,
Ürəklə öldünüz siz öləndə də.
Noyabr, 1969
ELM-ƏXLAQ
“Təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır”
F.Engels
Cürbəcür adlarla adlandırmışıq
Ötən hər əyyamı, ötən hər əsri.
Köhnə hüdudları çoxdan qırmışıq,
Əsrimiz elm əsri, kəşflər əsri!
Hüdudlar içində özünü dandı,
Elm – yüz illərlə yatdı beşikdə.
Elm – ayaq açıb dolanır indi,
Havada, torpaqda, evdə, eşikdə!..
Dağların çəməni, bağların barı,
Çatışmır.
Kimyaya meydan vermişik.
İpək corabları, yun paltarları
Sintetik şeylərə dəyişdirmişik.
Bəlkə torpağın da, bəlkə yerin də
Qalmayıb o köhnə gücü-qüvvəti?
Elə bil, elə bil meyvələrin də
Dəyişib əvvəlki dadı, ləzzəti.
Təbii nemətlər çatışmır, nədir?
Təbiət zəngindir, o, yoxsul deyil;
Təbiət insana səxavətlidir,
Ancaq qul deyil.
O ki, öz varını insana vermiş
Ona qəsd eləmək cinayət olar.
Bu gün təbiətlə yarışa girmiş
Kimyəvi zavodlar, laboratoriyalar.
Elm hökm eləyir indi hər yerə,
Zülmətin bağrına işıq nəqş edir.
Sonsuz qadınlara, ya ərsizlərə
Naməlum kişidən övlad bəxş edir.
Elm, özünəmi yoxsa… güvəndi?
Axı, bu qüdrəti biz verdik ona.
Əqlin yaratdığı elmlər indi
Düşübdür xaliqlik iddiasına…
Dava-dərman ilə doğulan kəsin,
Anası məlumdur, atasıysa yad.
Atanı… övladın əslini yəqin,
Nə ana biləcək, nə də ki, övlad.
Fərari olmurmu bəs əsl ata?
Bəs saxta atanın nədir günahı?
Uşaq anasına doğma olsa da,
Qondarma ataya ögeydir, axı.
Daha bir cinayət, daha bir xata!
Bu da bəşər üçün böyük bir ləkə –
Doğma övladından xəbərsiz ata
Bir vaxt öz qızına ər oldu bəlkə?
Səni danlamırmı içində bir səs –
Demirmi, ay həkim, cəhdin nahaqdır?
Övlad öz kökünü tanımırsa bəs,
De hansı kök üstə boy atacaqdır?
Kökünü bilməyən özünü bilməz,
Bizə nə gətirir bu niyyət, həkim?
Onda bir-birinə qarışmazmı bəs
Fərdiyyət,
şəxsiyyət,
milliyyət,
həkim?
Bu nədir? Gerimi qalmışam yoxsa?
Mən ki, güvənmişəm hər zaman elmə.
Əxlaqa, qaydaya toxunandasa
Mən üsyan edirəm, mən üsyan, elmə…
Təbiət həmişə təzədir, təzə,
Biz üz çevirməyək bu təzəlikdən.
Elm əxlaq ilə durub üz-üzə
İndi biz hansına haqq verək, görən?
Axı, bu tədbirlər bizi çaşdırır,
Gəlin uca tutaq əqidəmizi,
Həkim, təbiətdən uzaqlaşdırır
Qondarma davalar, dərmanlar bizi.
Bir şey ki, saxtadır – ondan nə fayda –
Saxtanın nə yönü, nə etibarı;
Əynimiz, başımız kimyalaşsa da,
Mayamız, kökümüz saf qalsın barı.
Anadır, deməli güclüdür torpaq,
Ondadır əlacı, axı, hər şeyin.
Gəlin, təbiətin özündən alaq
Dava-dərmanını hər şikəstliyin.
May, 1969
Bepul matn qismi tugad.