Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Pianoçu», sahifa 2

Shrift:

İLK ALMANLAR

Sonrakı günlər, Allaha şükür ki, vəziyyət xeyli yüngülləşdi. Şəhər qala elan olundu, komendant təyin etdilər. O, əhaliyə müraciət edərək adamları şəhərdə qalmağa və onun müdafiəsinə hazırlaşmağa səslədi. Artıq Buqun2 arxasında Polşa hərbi hissələrinin əks-hücumu təşkil olunmuşdu, bizim öhdəmizə düşənsə qoşunlar özünü çatdıranacan Varşavanın girəcəyində düşmənin əsas qüvvələrini ləngitmək idi. Şəhərin özündə də vəziyyət yaxşılığa doğru dəyişmişdi: alman artilleriyalarının atəşi kəsilmişdi.

Əvəzində aviahücumlar çoxalmışdı. Artıq hava həyəcanı elan edilmirdi, çünki bu, şəhər həyatını həddən artıq iflic vəziyyətinə salır və müdafiəyə hazırlaşmağa mane olurdu. O payız qeyri-adi dərəcədə aydın olan səmada, demək olar, hər saat hava hücumundan müdafiə qüvvələrimizin atdığı mərmilərin dumanı ilə əhatələnmiş təyyarə siluetləri görünürdü. Onda dərhal zirzəmiyə qaçmalı olurduq, hərçənd bu da bir işə yaramırdı: sığınacaqların döşəmələri və divarları göydən yağan bombalardan lərzəyə gəlirdi. Üstəlik, bu bombalar lap «rus ruleti»ndəki güllə kimi binalardan hansınasa düşəndə həmin binanın zirzəmisində gizlənmiş adamların axırına çıxırdı.

Şəhərdə «təcili yardım» karetləri vurnuxurdu. Onlar üzərlərinə düşən vəzifənin öhdəsindən təkbaşına gələ bilməyəndə xarabalıqların altından yaralıları və ölüləri çıxarmaq üçün yardıma təkatlı faytonlar, hətta adi at arabaları qoşuldu.

Bununla belə, insanlar müsbət köklənmişdilər, ruh yüksəkliyi durmadan artırdı. Biz artıq sentyabrın 7-də olduğu kimi taleyin ixtiyarına buraxılmamışdıq. Biz indi öz qərargahı, döyüş sursatı və şəhəri qorumaq kimi aydın məqsədi olan mütəşəkkil ordunun bir hissəsi idik. Və bu məqsədə çatmaq təkcə bizdən asılı idi. İndi hər kəs əlindən gələni etməli idi.

Baş komandan əhalini alman tanklarının qarşısını almaq üçün şəhərin ətrafında xəndək qazmağa çağırdı. Bu işdə hamı iştirak edirdi. Bizim evdə mənzildən göz-qulaq olmaq və nahar hazırlamaq üçün bircə anam qalmışdı.

Biz şəhərkənarında, Vola rayonunda balaca bir təpə boyunca xəndək qazırdıq. Arxamızda xudmani evlərdən ibarət səliqəli rayon uzanırdı, qarşıda isə şəhər meşəliyi görünürdü. Buranı da bombalamasaydılar, gördüyümüz iş hətta zövqümü oxşaya bilərdi. Bombalar yaxına düşməsə də, onların fit səsini eşidəndə özümü heç yaxşı hiss etmirdim, axı hansısa olduğumuz yerə düşə bilərdi.

Birinci gün yanımda qoca yəhudi işləyirdi; əynində sürtük, başında təsək vardı. O, yeri lap qəzəblə qazırdı, əlindəki beli torpağa sanki qəddar düşməniymiş kimi batırırdı; ağzı köpüklənmiş, dişləri bir-birinə sıxılmışdı, yorğun üzündən tər sel kimi axır, əzələləri tir-tir titrəyirdi – adamın gözünə bircə qara sürtüyü, bir də saqqalı dəyirdi. Bu qədər qəzəb isə gördüyü işi nəticəsiz qoyurdu: əlindəki bel torpağa lap ucunda zorla girir, yığa bildiyi torpaqsa onu bayıra tullamağa macal tapmamış elə yenidən xəndəyə səpilirdi. O durmadan öskürür və arabir əlindəki bellə xəndəyin kənarına dayaqlanaraq yerə tüpürürdü. Ahıl qadınların gətirdiyi nanəli çayı isə üzü bəmbəyaz ağarmış halda içirdi. Torpaq qazmağa artıq fiziki gücləri çatmayan qarılar, heç olmasa, bu yolla bir işə yaramağa çalışırdılar.

– Bu sizin gücünüz çatan iş deyil, – fasilələrin birində qoca yəhudiyə dedim. – Bu qədər əziyyət çəkməkdənsə, işdən imtina etməniz yaxşı olar.

Ona yazığım gəlirdi, odur ki çalışırdım daşı ətəyindən töksün və artıq işləməsin. Qıraqdan da aydın görünürdü ki, qaldıra bilməyəcəyi yükün altına girib.

– Axı sizi buna heç kim məcbur etmir.

O, ağır-ağır nəfəs alıb mənə baxdı, sonra gözlərini göyə qaldırdı. Orda, mavi səmada mərmi buludları gəzişirdi. Qocanın gözlərində xoşbəxt bir ifadə yarandı, sanki göy üzündə bütün əzəməti ilə Yəhvanın özü peyda olmuşdu.

– Mənim mağazam var, – o pıçıldadı.

Qoca havanı dərindən ciyərlərinə çəkib hönkür-hönkür ağladı, bu dəfə üz-gözündən ümidsizlik yağdı və yenidən beldən yapışdı.

Mən iki gündən sonra bu işdən əl çəkdim. Dedilər ki, radioda yeni direktor, musiqi redaksiyasının sabiq şefi Edmund Rudniskinin rəhbərliyi ilə verilişləri bərpa etməyə hazırlaşırlar. Rudniski başqaları kimi qaçmamışdı, indi isə radioverilişləri yoluna qoymaq üçün ora-bura səpələnmiş əməkdaşları bir yerə yığırdı. Mən torpaq qazmaqdansa, radioda daha çox işə yarayacağımı düşündüm. Həqiqətən də, həm solist, həm də müşayiətçi kimi çox çalışırdım.

Şəhərdə həyat şəraiti gözgörəsi pisləşməyə başlamışdı: o, mülki əhalinin yüksələn mübarizliyi ilə tərs mütənasib olaraq ağırlaşırdı.

Alman artilleriyası əvvəlcə şəhərətrafını, sonra isə mərkəzi atəşə tutmağa başladı. Mən pəncərə yerləri boş qalmış, divarları dağılmış, ya da mərmi izləri gözə dəyən evlərə hər gün daha çox rast gəlirdim. Gecələr göy üzü qıpqırmızı rəngə boyanırdı, hava isə tüstü ilə dolurdu. Azuqə qıtlığı hiss olunurdu. Varşavanın qəhrəman prezidenti Stajinski bircə məqamda yanılmışdı: o, insanları ehtiyat üçün azuqə almaqdan çəkindirməməli idi. İndi şəhər təkcə özünü deyil, həm də qərbdən yaxınlaşan və müdafiə məqsədilə Varşavaya girməyə müvəffəq olan «Poznan» ordusunu yedizdirməli idi.

Təxminən sentyabrın 20-də ailəlikcə Slizkayadakı mənzili tərk edib Panskaya küçəsindəki dostlarımızın evinə daşındıq. Onlar ikinci mərtəbədə yaşayırdılar. Biz aşağı mərtəbələrin daha təhlükəsiz olduğunu və hava basqını zamanı ordan zirzəmilərə düşməyin vacib olmadığını düşünürdük. Hamı havasız, boğanaq bomba sığınağından qorxurdu; alçaq tavan sanki elə indicə uçacaq və adamları çoxmərtəbəli evin xarabalıqları altında qoyacaqdı. Bizdə dördüncü mərtəbədə vəziyyət daha bərbad idi: şüşəsiz qalmış pəncərə yerlərindən havada uçan mərmilərin fit səsi gəlirdi, onlardan istənilən biri bizim mənzilimizə də düşə bilərdi. Odur ki dostlarımızın yanına, ikinci mərtəbəyə köçməyi qərara aldıq, hərçənd ora artıq xeyli adam sığınmışdı. Tərpənməyə macal yox idi, üstəlik, döşəmədə yatmalı olurduq.

Bu arada Varşavanın mühasirəsi sona çatırdı.

Mən günü-gündən radioya yetişməkdə çətinlik çəkirdim. Küçələr meyitlərlə dolu idi, şəhərin ayrı-ayrı rayonları isə od-alova bürünmüşdü. Onları söndürməkdən söhbət belə gedə bilməzdi, üstəlik, şəhərin su kəməri də düşmən artilleriyası tərəfindən zədələnmişdi.

Studiyada işləmək təhlükəli idi. Alman silahları şəhərin bütün mühüm obyektlərini nişanlayır, diktor konserti elan edən kimi radiostansiyanı daha güclü şəkildə atəşə tuturdular.

Əhalinin sabotaj qarşısında qorxusu son həddə çatmışdı. Heç bir araşdırma aparılmadan hər kəs sabotajda günahlandırıla və güllələnə bilərdi.

Köçdüyümüz evin beşinci mərtəbəsində musiqi müəlliməsi yaşayırdı. Müəllimənin nə soyad – Hoffer, nə də xasiyyət sarıdan bəxti gətirməmişdi: qadın heç nədən qorxmurdu. Onun cəsurluğu daha çox əcaib xarakter daşıyırdı. Heç bir hava basqını bu qadını sığınacağa düşməyə, ya da hər səhər royalda iki saat davam edən məşqlərdən əl çəkməyə məcbur edə bilməzdi. O, eyvanında qəfəsdə oturmuş quşlara özünəməxsus inadkarlıqla gündə üç dəfə dən verirdi. Mühasirəyə alınmış Varşavada bu cür həyat tərzi çox qəribə görünürdü. Hər gün dalandarın otağına siyasi müzakirəyə yığışan qulluqçu qadınlar bunu olduqca şübhəli hərəkət kimi qələmə verdilər. Onlar uzun sürən məşvərətdən sonra belə bir nəticəyə gəldilər ki, yad soyadlı bu müəllimə, şübhəsiz ki, almandır və o, royalda öz ifası ilə düşmən aviasiyasına hara bomba atmaq lazım gəldiyi barədə şifrlənmiş siqnallar ötürür. Biz məsələnin fərqinə varmağa macal tapmamış gözlərini qan tutmuş arvadlar qadının mənzilinə soxulub onu zorla aşağı sürüdülər və quşlarla – casus fəaliyyətinə dair maddi sübutlarla birgə zirzəmilərdən birinə itələdilər. Bununla da özləri də bilmədən müəllimənin həyatını xilas etmiş oldular: bir neçə saatdan sonra qadının mənzili alman mərmisinin növbəti qurbanına çevrildi.

Sentyabrın 23-də mən sonuncu dəfə Polşa radiosunun mikrofonu qarşısında çıxış etdim. Radiostansiyaya necə çatdığımı heç özüm də bilmirəm. Yaxınlıqda bomba səsinin eşidilmədiyinə əmin olandan sonra yerimi dəyişə-dəyişə, elə hey evlərin alaqapısının altında gizlənə-gizlənə, üstəlik, qaça-qaça gedirdim. Radionun qapısı ağzında Varşava prezidenti Stajinski ilə toqquşdum. Səliqəsiz geyinmişdi, taraşlanmamış üzündən ölümcül yorğunluq yağırdı. Stajinski artıq bir neçə gün idi ki, yuxusuz idi. O, şəhər müdafiəçilərinin döyünən qəlbi və qəhrəmanı idi. Onun çiyinlərində Varşavanın taleyinə görə məsuliyyət yükü dururdu. Prezident eyni zamanda az qala hər yerdə idi: müdafiənin ön xəttini yoxlayır, səngərlər qurur, xəstəxanalara baş çəkir, azuqə ehtiyatının ədalətli şəkildə bölüşdürülməsinə nəzarət edir, hava hücumundan müdafiə və yanğınsöndürmə dəstələri hazırlayır, bütün bunlardan sonra varşavalılara gündəlik radiomüraciətlər etmək üçün də vaxt tapırdı. Hər kəs onun çıxışlarını səbirsizliklə gözləyir və müsbət enerji alırdı. Əgər prezident ruhdan düşmürdüsə, qorxaqlıq etməyə və təlaşlanmağa əsas yox idi. Üstəlik, hadisələrin gedişatı da o qədər acınacaqlı deyildi. Fransızlar «Ziqfrid xətti»nin qarşısını kəsmişdilər, ingilislər Hamburqu bombalayırdılar, yəqin ki, lap yaxınlarda Almaniyaya hücuma keçəcəkdilər. Hər halda, hamı bu cür düşünmək istəyirdi.

Həmin gün Şopeni ifa etməli idim. Bu, Polşa radiosunda konsertin sonuncu canlı yayımı idi, amma biz hələ bundan xəbərsiz idik. Studiyanın lap yaxınlığına bombalar yağır, qonşu evlər yanırdı. Qulaqbatırıcı gurultu səsindən royalda öz ifamı, demək olar, eşitmirdim. Konsertdən sonra evə yollanmaq üçün düz iki saat artilleriya atəşinin yavaşımasını gözləməli oldum. Valideynlərim, bacılarım və qardaşım artıq başıma nəsə gəldiyini düşünürdülər. Odur ki məni sanki o dünyadan qayıdıbmışam kimi qarşıladılar. Bircə evdəki qulluqçu hesab edirdi ki, təlaşlanmağın heç bir mənası yoxdur. Qadın fikrini bu cür əsaslandırdı: «Əgər sənədləri üstündədirsə, onsuz da onu evə gətirəcəkdilər…»

Həmin gün saat 4-də radio susdu. Raxmaninovun do-minor konsertinin lent yazısını verirdilər. Alman bombası elektrik stansiyasına tuş gələndə və şəhərdəki reproduktorlar susanda dinclik dolu ikinci hissə başa çatmaq üzrə idi. Axşam şiddətli artilleriya atəşinə baxmayaraq orkestrlə fortepiano üçün konsertino bəstələməyə çalışdım. Mən sonralar da, əslində, düz sentyabradək onun üzərində işləməyə cəhd etdim, hərçənd bu, günü-gündən daha çətin başa gəlirdi.

Şər qarışandan sonra pəncərədən boylandım. Alov işığına qərq olmuş küçə bomboş idi, müntəzəm partlayış səsləri onu lərzəyə gətirirdi. Solda Marşalkovskaya, arxamda Krulevskaya və Qjibovskaya meydanı, qarşıda Sennaya küçəsi od tutub yanırdı. Al-qırmızı tüstü burumları evlərin üzərindən göyə doğru qalxırdı. İşlək yola və səkilərə alman vərəqələri səpələnmişdi, heç kəs onları götürmür, zəhərli olduğunu deyirdilər. Küçə fənərinin yanında iki meyit vardı: birinin qolları geniş açılmış, digəri isə sanki yatmaq üçün uzanmışdı. Evimizin darvazasının ağzında başı bədənindən ayrılmış və qolu qopmuş qadın meyiti sərilib qalmışdı. Yanında üzüaşağı çevrilmiş vedrə vardı. Yəqin, kolonkadan su daşıyırmış. Meyitdən axan tündrəngli qan şırnağı qanova, ordan da kanalizasiya barmaqlığına axıb gedirdi.

Velka küçəsi tərəfdən Jelyaznaya ilə yavaş-yavaş təkatlı fayton gedirdi. Onun bura necə gəlib çıxdığı və atla faytonçunun sanki ətrafda heç nə baş verməyibmiş kimi özlərini niyə sakit aparması mənə qaranlıq qaldı. Faytonçu Sosnovaya küçəsinin kəsişməsində atın cilovunu çəkib hara burulacağını götür-qoy etdi. Azacıq düşünəndən sonra düz getmək qərarına gəldi və bu dəfə ata bir qamçı vurdu. Heyvan yavaş-yavaş irəliləməyə başladı. Onlar heç on metr getməyə macal tapmamış fit və gurultu səsləri eşidildi. Güclü partlayış gözlərimi qamaşdırdı, handan-hana qaranlığa öyrəşəndən sonra faytonun yox olduğunu gördüm. Geriyə evlərin divarlarının altına səpələnmiş qırıq-qırıq taxta parçaları, dişlə3 və üzlük4 qalıqları, faytonçu ilə atın tikələri qalmışdı. Halbuki o, Sosnovaya küçəsinə burula bilərdi…

Sentyabrın 25-i və 26-da dəhşətli günlər başladı. Partlayış səsləri fasiləsiz uğultularla birləşmiş, alçaqdan uçan təyyarələrin elektrik burğusunun səsini xatırladan küyü də onlara qarışmışdı. Hər deşikdən özünə yol tapan toz və tüstü dumanı küçədən mümkün qədər uzaqda, zirzəmilərdə, ya da mənzillərdə gizlənən adamlara rahat nəfəs almağa imkan vermirdi.

Həmin günlər necə sağ qaldığımı heç özüm də bilmirəm. Dostlarımızın yataq otağında birgə gizləndiyimiz adam düz yanımdaca bomba qəlpəsindən həlak oldu. Təxminən iki sutka on adamla birgə darısqal ayaqyolunda gizlənməli olduq. Bir neçə həftə sonra bura necə pərçimləndiyimizi heç cür anlaya bilmədik və bunu təkrarlamağa çalışdıq, amma, sən demə, normal vəziyyətdə ora səkkiz nəfərdən artıq sığa bilmirmiş.

Sentyabrın 27-də, çərşənbə günü Varşava təslim oldu. Cəsarətimi toplayıb küçəyə çıxa bilməyim üçün mənə iki gün lazım gəldi. Evə ümidsiz vəziyyətdə qayıtdım: Varşava artıq mövcud deyildi.

Novıy Svyat küçəsi evlərin xarabalıqlarının arasından keçən dar cığıra çevrilmişdi. Hər dörd yolayrıcında başıaşağı çevrilmiş tramvaylardan və yerindən qopmuş səki daşlarından ibarət barrikadaları ötüb-keçmək lazım idi. Bəzi evlərin xarabalıqları hələ də tüstülənirdi. Meyitlər küçələrdəcə çürüyürdü. Şəhərin mühasirəsi zamanı dəhşətli aclıq çəkən adamlar hər addımda qarşılarına çıxan at cəsədlərinin üstünə cumurdular.

Yerusəlim xiyabanı ilə gedərkən Visla tərəfdən motosikletə minmiş iki əsgərin yaxınlaşdığını gördüm; onların əyinlərində mənə tanış olmayan yaşıl mundir, başlarında poladdan kaska vardı. Yekə və qaba üzlü, nəm gözlü əsgərlər motosikleti səkinin kənarında saxlayıb yaxınlıqdan keçən oğlan uşağını hayladılar. Uşaq yaxınlaşdı.

– Marshallstrasse! Marshallstrasse!

Onlar kobud səslə tutuquşu kimi eyni sözü təkrarlayırdılar. Təəccübdən ağzını ayırmış oğlan yerinə mıxlanıb qalmışdı, heç nə deyə bilmirdi.

Əsgərlərin səbir kasası daşdı. Biri burnunun altında söyüş söyüb həqarətlə əlini yellədi və qaza basdı, onlar getdilər.

Bu, ilk almanlar idi.

Bir neçə gündən sonra Varşava evlərinin divarlarına alman komendantının iki dildə müraciəti yapışdırıldı: o, alman dövlətinin adından Polşa əhalisinə iş və himayə vəd edirdi. Yəhudilərə isə ayrıca bir abzas həsr olunmuşdu – onların bütün hüquqlarının qorunmasına, əmlaklarının toxunulmazlığına və tam təhlükəsizliyinə zəmanət verilirdi.

ATAMIN TƏZİMLƏRİ

Biz Slizkayaya qayıdarkən mənzilimizi salamat görəcəyimizə ümid etmirdik. Hərçənd evdə bir-iki sınmış pəncərəni nəzərə almasaq, hər şey qaydasında idi. Gedərkən qıfılladığımız qapılar açılmamışdı, içəridə hər xırda şey öz yerində idi. Yaxınlıqdakı digər evlərin də bəxti gətirmişdi. Bir neçə gün sonra dostlarımızdan xəbər tutmaq üçün küçəyə çıxanda böyük bir hissəsi xarabazara çevrilsə belə şəhərdə həyatın davam etdiyini öyrəndik. Əslində, biz hava hücumundan sonra daha çox itkinin olduğunu düşünürdük.

Əvvəlcə həlak olanların sayının yüz mini ötdüyünü söylədilər və hər kəs Varşava sakinlərinin nə az, nə çox, düz on faizini təşkil edən bu rəqəmdən sarsıldı. Sonradan aydın oldu ki, qurbanların sayı təxminən iyirmi mindir. Ölənlərin arasında bizim dostlarımız da vardı – hələ bir neçə gün əvvəl onlar sağ idilər, indi isə bombalanma zamanı parça-tikə edilmiş vücudları xarabazarlıqların altında qalmışdı. Bacım Reginanın iki iş yoldaşı Kotikova küçəsində uçulmuş divarın altında qalıb həlak olmuşdu. Yaxınlıqdan keçəndə burnumu yaylıqla tutmalı olurdum. Çürüməkdə olan səksən meyitin üfunəti divarların dəliklərindən və zirzəmilərin qalaqlanmış pəncərələrindən keçərək bütün ətrafın havasını korlayırdı. Mazoveskayaya düşmüş artilleriya mərmisi dostlarımdan birini parça-tikə etmişdi. Bircə başının tapılması sayəsində məlum oldu ki, bu ət parçaları istedadlı skripkaçının vücudundan qalanlardır. Bütün bunlar dəhşətli xəbərlər idi.

Amma heç nə utandığından təhtəlşüurumuzun bir küncündə gizlənmiş az qala heyvani sevincə kölgə sala bilməzdi: sağıq və təhlükə artıq bizdən yan ötüb! Hələ bir ay əvvəl sarsılmaz dəyərlər çərçivəsinə sığan hər şey bu yeni gerçəklikdə öz əhəmiyyətini itirmişdi. Əvəzində əvvəllər azacıq diqqətə belə layiq olmayan şeylər yeni və özünə xas olmayan mühüm yer tutmağa başlamışdı: qəşəng və rahat kreslo, baxdıqca xoşhallandığın, üzərinə ağ kafel vurulmuş isti soba, üstümüzdəki mənzildən gələn döşəmə cırıltısı – normal həyatın, ev rahatlığının əlamətləri.

Musiqi məşğuliyyətinə ilk atam qayıtdı. O, saatlarla skripka çalır və bununla reallıqdan qaçırdı. Kimsə növbəti pis xəbərlə gəlib onu məşğuliyyətindən ayırmağa çalışanda üzündə qayğılı ifadə, alnını qırışdırıb dinləyir, amma dərhal da özünü toxtadıb deyirdi: «Eybi yoxdur! Onsuz da ən geci bir aydan sonra müttəfiqlər burda olacaq!» Bütün suallara verdiyi eyni cavab atama gerçəklikdən uzaq durmağa, özünü yaxşı hiss etdiyi səmavi musiqi dünyasına qapılmağa yardımçı olurdu.

Təəssüf ki, akkumulyatorlar sayəsində radioqəbuledicilərini işə sala bilənlərdən gələn ilk xəbərlər atamın nikbinliyi ilə üst-üstə düşmürdü. Belə məlum olurdu ki, bizi yaxşı heç nə gözləmir: nə fransızlar «Ziqfrid xətti»ni yarmağa cəhd edir, nə də ingilislər Hamburqu bombalamağa çalışırdılar, Almaniyaya girmək planlarından artıq söhbət belə gedə bilməzdi. Bu zaman Varşavada ilk basqınlar başladı. Onlar əvvəl-əvvəl bacarıqsız şəkildə həyata keçirilirdi, sanki hələlik insanlara bu cür alışılmamış üsulla əzab verməkdən çəkinirdilər. Üstəlik, bunu edənlərin təcrübəsi də az idi. Balaca şəxsi maşınlar şəhər boyunca gəzib-dolaşır, yaxınlıqdan ötüb-keçən yəhudilərin yanında qəfil dayanır, qapı açılır, oradan bir əl uzanır və qatlanmış şəhadət barmağı onları yanına çağırırdı: «Komm, komm!» Bu cür basqınlardan xilas olmuş adamlar ilk döyülmə hallarından danışmağa başlamışdılar. O zaman bu döyülmələr hələ təhlükəli deyildi və üzə zərbə, ya da bir-iki təpiklə məhdudlaşırdı. Həmin olayları alçaldıcı hesab edən kəslər bunu xüsusilə ağrılı qarşılayır, belə döyülmələri əxlaq nöqteyi-nəzərindən hər hansı heyvanın zərbələri, ya da təpikləri ilə bir tutmağın mümkünlüyünün fərqinə hələ varmırdılar.

Polşa hökuməti ilə ordu komandanlığının xaricə qaçması və ölkəni başlı-başına buraxması ilə bağlı ümumi qəzəb ilk vaxtlar almanlara olan nifrətdən daha güclü idi. Adamlar vaxtilə düşmənə hətta mundirdən bir düymə də verməyəcəyini vəd edən marşalın sözlərini kədərlə xatırlayırdılar. O, düyməni, həqiqətən də, verməmişdi, çünki Polşadan qaçanda mundiri özü ilə götürmüşdü. Bundan belə daha yaxşı olacağını, çünki almanların, nəhayət, Polşada nizam-intizam yaradacaqlarını deyənlər də tapılırdı.

Almanların hərbi nöqteyi-nəzərdən bizə qalib gəlmələrinə baxmayaraq onlar siyasi anlamda məğlubiyyətə uğramışdılar. Bu öz aydın təzahürünü 1939-cu ilin dekabrında Varşavada heç bir günahı olmayan kişilərin güllələnməsində tapdı. Elə həmin vaxt bir neçə saatın içərisində polyaklarla almanlar arasında nifrət divarı hörüldü. İşğalçılar sonrakı illərdə tez-tez xoşməramlı jestlər etsə belə bu divarı aşmaq mümkün olmadı.

Almanlar sərəncamlar verməyə başladılar, onları yerinə yetirməyənlər isə ölüm təhlükəsi ilə üz-üzə qalırdılar. Ən mühüm məqam çörək alveri ilə bağlı idi: onu müharibədən əvvəlki qiymətindən daha baha satmağa və ya almağa cürət edərək cinayət başında tutulan hər kəs güllələnməyə məruz qalırdı. Bu qadağa şok effekti doğurdu. Biz çörək yeməyin daşını atdıq, günlərlə kartof və müxtəlif xəmir xörəkləri yedik. Sonra Henrik çörəyin yoxa çıxmadığını, adamların onu rahatca aldığını və heç kəsin alıcıları güllələmədiyini müşahidə etdi. Onda biz də çörək almağa başladıq. Qadağa sonralar da ləğv olunmadı, müharibənin getdiyi beş il ərzində hamı çörək alır və yeyirdi, çünki əmri yerinə yetirməli olsaydılar, bütün general-qubernatorluq ərazisində milyonlarla insan güllələnməli idi. Daha bir həqiqəti anlamağımız üçün isə uzun müddət keçdi: əslində, təhlükəli olan almanların əmrləri deyildi, heç bir xəbərdarlıq edilmədən və ya əmr verilmədən başımıza qəfil gələ biləcəklər idi.

Tezliklə əsas etibarilə yəhudilərə qarşı yönəlmiş yeni təzyiqlər başladı. Artıq almanlar yəhudilərin mülklərini əllərindən alırdılar. Bir də elan olundu ki, heç bir ailə iki min zlotıdan artıq maddi vəsaitə sahib ola bilməz, dəyəri bu məbləği ötən zinət əşyaları və yerdə qalan pullar saxlanması üçün banka verilməli idi. Şübhəsiz ki, heç kəs əlindəkini könüllü şəkildə düşmənə verəcək qədər sadəlövh deyildi. Biz də olan-qalanımızı gizlətmək qərarına gəldik, hərçənd var-dövlətimiz bircə atamın qızıl cib saatından və nağd beş min zlotıdan ibarət idi.

Bunları harda gizlətməklə bağlı aramızda əməlli-başlı mübahisə düşdü. Atam ötən səfərki müharibə zamanı özünü doğrultmuş üsulu təklif etdi: masanın ayağını burğu ilə deşmək və pulları ora soxmaq.

– Birdən masanı götürsələr necə? – Henrik rişxəndlə soruşdu.

– Boş-boş danışma, – atam qəzəblə cavab verdi. – Bu cür masa onların nəyinə lazımdır ki?

O, nifrət dolu baxışlarını masanın üst taxtasının laklı səthinə dikdi – zamanında üzərinə tökülmüş hər şey burda öz izini buraxmışdı. Qoz ağacından düzəldilmiş faner bir yerdə qabarıb durmuşdu. Atam birdən masaya yaxınlaşıb barmağını həmin yerə soxdu. Faner parçası çatırtı ilə qopdu və onun altında yonulmamış ağac göründü. Bu, masanı olan-qalan gözəlliyindən də məhrum etməli idi.

– Nə edirsən? – anam özündən çıxdı.

Henrikin başqa təklifi var idi. Onun fikrincə, psixoloji üsula əl atmaq lazım idi – saatı və pulu masaya, lap görünən yerə qoymaq olardı, belədə almanlar onları sezməyəcəkdi, çünki başları hər cür mümkün xəlvət yerləri aşkarlamağa qarışacaqdı.

Sonda biz belə bir qərara gəldik: saatı dolabın altına, zəncirini atamın skripkasının futlyarına soxaq, pulları isə pəncərə çərçivəsinə yapışdıraq.

İnsanlar alman nizamının qəddarlığından qorxmamağa çalışır, Almaniyanın Varşavanı yaxın zamanda Sovet Rusiyasına verəcəyinə, Sovet İttifaqının isə, sadəcə, görünüş üçün aldığı torpaqları ilk fürsətdəcə Polşaya geri qaytaracağına ümid bəsləyirdilər. Buqada sərhəd hələ müəyyən edilməmişdi, Visladansa elə hey adamlar gəlib and içirdilər ki, Yablonnaya, ya da Qarvolinada öz gözləri ilə rus hərbi hissələrini görüblər. Bir çoxları isə inandırmağa çalışırdı ki, Vilnüs və Lvovu tərk edərək onları almanların nəzarəti altında buraxan ruslarla rastlaşıblar. Adam kimə inanacağını bilmirdi.

Yəhudilərin çoxu rusları gözləməməyi qərara aldılar. Onlar Varşavadakı mülklərini satıb şərqə yollandılar – bu, almanlardan qaça biləcəkləri yeganə istiqamət idi. Həmkarlarımın, demək olar, hamısı yola düşmək qərarına gəlmişdilər və məni onlarla birgə getməyə razı salmağa çalışırdılar, amma ailəmiz bu dəfə də qalmağa üstünlük verdi.

Tanışlarımızdan biri iki gündən sonra qayıtdı – nə kürək çantası vardı, nə pulu, üstəlik, döyülmüş və əlini hər şeydən üzmüş vəziyyətdə idi. O, sərhəd yaxınlığında qurşağacan soyundurulan, sonra da qollarından asılaraq döyülən beş yəhudi görmüşdü. Tanışımız həmçinin həkim Xaskileviçin ölümünün şahidi olmuşdu. Almanlar yeganə günahı Buqadan keçmək istəyi olan həkimi güllələyəcəkləri ilə qorxudub çaya girməyə və irəliləməyə məcbur etmişdilər. Sonunda biçarənin ayağı suyun dibinə çatmamış və o boğulmuşdu. Buna baxmayaraq bir çox yəhudi qarət olunsa və başı olmazın bəlalar çəksə belə Rusiyaya çata bilmişdilər. Mənim həmkarımın təkcə əşyalarını və pullarını qarət etmiş, özünü döymüş və hadisə yerindən qovmuşdular. Zavallıya ürəyimiz yandı, amma yenə də düşündük ki, o elə bizim kimi evdə qalsaydı, qat-qat yaxşı olardı. Qərarımızın əsasında isə məntiq deyil, nə qədər pafoslu səslənsə də, Varşavaya olan bağlılığımız dayanırdı.

«Bizim» deyəndə atamı çıxmaqla bütün yaxınlarımı nəzərdə tuturam. Onun qalmağının bircə səbəbi vardı: doğma Sosnovasından uzağa getmək istəmirdi. Varşavanı xüsusi olaraq heç vaxt sevməyib, üstəlik, biz burda daha çox əziyyət çəkdikcə o, doğma şəhəri üçün bir o qədər çox darıxır və onu ideallaşdırırdı. Təkcə ora qəşəng idi, təkcə orda insanlar musiqini sevirdilər, təkcə orda onu skripkaçı kimi qiymətləndirirdilər və təkcə orda yaxşı sərin pivə içmək olardı. Burda, Varşavada isə pivə əvəzinə iyrənc, dadsız bir şey verirdilər. Atam şam yeməyindən sonra əllərini qarnının üstündə çarpazlayıb kresloda yerini rahatlayır, xəyala dalıbmış kimi gözlərini yumur və monoton səslə hekayətinə başlayırdı. Beləcə, həyatımızı təkcə özünün darıxmış təsəvvüründə mövcud olan Sosnova xatirələri ilə bəzəyirdi.

Payızın son həftələrində, yəni almanlar Varşavaya soxulandan heç iki ay ötməmiş şəhər həyatı sanki birdən öz adi axarına qayıtdı. Sürət götürmüş iqtisadi canlanma hər şeyin tərsinə getdiyi bu ən qəribə müharibənin daha bir gözlənilməzliyi idi. Nəhəng, yarısı xarabazara çevrilmiş şəhərə – işsiz qalmış bütöv bir məmur ordusu olan paytaxta Sileziya, Pomorye və Poznandan çoxsaylı köçkünlər gəlirdilər. Başlarının üzərində damları olmayan, iş tapmaq şansından məhrum və gələcəkləri barədə heç nəyə ümid bəsləməyən bu adamlar birdən fərqinə vardılar ki, almanların qərarlarının üstündən keçməklə böyük pullar qazanmaq mümkündür. Bu qərarlar çoxaldıqca qeyri-qanuni qazanc imkanları da artırdı.

Həyat iki məcrada axmağa başladı. Birincisində insanlar yeni qanunlara boyun əyərək səhərdən axşamacan tər tökür və bunun qarşılığında yarıac-yarıtox dolanırdı. İkincisinə baş vuranlar, yəni varlanmaq üçün qəşəng imkanlar yaradan qeyri-qanuni yola əl atanlarsa – bunun üçün əməlli-başlı çiçəklənən dollar ticarətindən tutmuş brilyant, un, dəri və ya saxta sənəd alverinə qədər hər cür seçim vardı – edam təhlükəsi altında da olsa, günü-gündən varlanırdılar. Belələrinin əyləncə dolu həyatları dəbdəbəli restoranlarda keçirdi.

O zaman az adam firavan yaşayırdı. Hər dəfə evə qayıdarkən Sennaya küçəsindəki evin qarşısında kədərli rus nəğmələri oxuyan bir qadınla rastlaşırdım. Qadın həmişə şər qarışandan sonra dilənçilik etməyə başlayırdı, sanki kiminsə onu tanıyacağından qorxurdu. Əynindəki zərif kostyum sahibəsinin nə vaxtsa kübar birisi olduğundan xəbər verirdi. Qadının füsunkar üzü ala-toranın boz işığında cansız görünürdü, donuq baxışları yoldanötənlərin üzərində harasa bir nöqtəyə zillənmişdi. O, akkordeonda özünü müşayiət edərək məlahətli alçaq səslə oxuyurdu. Təpədən dırnağadək bütün vücudu, hətta divara necə söykənməsi belə bu qadının cəmiyyətin ali təbəqəsindən olduğunu hayqırırdı. Yalnız müharibə onu bu cür yaşamağa məcbur edə bilərdi. Hərçənd işləri pis getmirdi. Düz yanına qoyduğu qavalda – qoy heç kəs onun yardım gözlədiyinə şübhə etməsin – açıqrəngli lentlərlə bəzənmiş və yəqin ki, dilənçiliyin rəmzi kimi qəbul etdiyi bu qavalda həmişə çoxlu dəmir pul olurdu, bəzən hətta əlli zlotılıq əsginasa da rast gəlmək mümkün idi.

Mən də küçəyə təkcə şər qarışandan sonra düşməyə çalışırdım, hərçənd səbəblərim tam fərqli idi. Yəhudilərə qarşı çoxsaylı və məşəqqətli əmrlərdən biri şəksiz icra tələb edən yazılmamış qanun idi: yəhudi əsilli kişilər hər qarşılarına çıxan alman əsgərinə təzim etməli idilər. Bu sarsaq və alçaldıcı tələb Henriklə məni dəliyə döndərirdi. Belə vəziyyətə düşməmək üçün əlimizdən gələn hər şeyi edirdik. Uzaqdan yaxınlaşan alman görəndə küçənin o biri tayına keçirdik, görüş qaçılmaz olanda isə qarşımızdakını sanki sezməmişik kimi üzümüzü yana çevirirdik, hərçənd bu hər dəfə ən azı döyülmə ilə nəticələnə bilərdi.

Atam özünü tamamilə başqa cür aparırdı. O, gəzinti üçün ən qələbəlik küçələri seçir və almanları mübaliğəli, rişxənd dolu təzimlə salamlayırdı. Sonra da bu hərəkəti yanlış anlayan hərbçinin üzündə əmələ gələn təbəssümdən sonsuz zövq alır və ona köhnə tanışı kimi eyni təbəssümlə cavab verirdi.

Atam hər axşam evə qayıdanda necə məşhur bir şəxsiyyət olduğunu ötəri də olsa xatırlatmaqdan ləzzət alırdı: küçəyə çıxanda başına o qədər tanış yığışır ki, yaxasını onlardan heç cür qurtara bilmir, şlyapasını çıxarmaqdan isə lap yorulub. Bunu danışarkən gözlərindən cin yağırdı, üstəlik, əllərini bir-birinə sürtürdü.

Almanların bu cür təhqiramiz münasibətini kiçiltmək lazım deyildi. Bu bizi daim gərgin və əsəbi vəziyyətdə saxlamaq, sabaha ümid bəsləməmək üçün həyata keçirilən proqramın bir hissəsi idi. Elə həftə olmurdu ki, yeni sərəncamlar verilməsin. Bu sərəncamlar ilk baxışda əhəmiyyətli görünməsə də, almanların bizi unutmadığını, üstəlik, unutmağa da hazırlaşmadığını gözümüzə soxurdu. Yəhudilərə dəmir yolundan istifadəni qadağan etmişdilər. Biz tramvaydan istifadəyə görə arilərdən dörd dəfə çox ödəməli olurduq.

Belə bir vaxtda gettonun yaranması barədə ilk şayiələr yayıldı. Bu şayiələr düz iki gün şəhər boyunca dolaşaraq insanları vahimə içində saxladı, amma sonra qəfil kəsildi.

2.Buq – Ukrayna, Belarus və Polşa ərazisində yerləşən çay
3.Dişlə – arabaya qoşulmuş qoşa atın arasında olub qabaq təkərlərin oxuna bənd edilən uzun ağac (red.)
4.Üzlük – faytonun üzərinə çəkilmiş örtük (red.)

Bepul matn qismi tugad.

28 449,55 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
ISBN:
9789952243789
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Ushbu kitob bilan o'qiladi