Kitobni o'qish: «Üzeyir Hacıbəyli xatirələrdə»

Mualliflar jamoasi
Shrift:

ÜZEYİR HACIBƏYLİ

XATİRƏLƏRDƏ

“Xatirə Ədəbiyyatı” silsiləsindən 24-cü kitab

Ön söz

Monumental operaların, ruhnəvaz operettaların, gözəl vokal, xor, kamera-instrumental əsərlərin, neçə-neçə qiymətli elmi məqalələrin və “Azərbaycan xalq musiqisinin əsasları” kimi taleyüklü monoqrafiyanın yaradıcısı olan Üzeyir bəy Hacıbəylinin bədii, elmi irsi ilə bərabər şəxsiyyətinə qarşı olan maraq və diqqət heç vaxt səngiməyib, əksinə, ildən-ilə artmaqdadır.

Hələ sağlığında ümumxalq məhəbbəti qazanmış Üzeyir bəyin qeyri-adi zəkası, fitri istedadı, hazırcavablığı, yüksək təşkilat-çılıq bacarığı, mərhəməti, səxavəti və digər keyfiyyətləri onun müasirlərinin diqqətini cəlb edib, hafizələrdə, uzun illər yaşayıb. Məhz bu “hafizələrdə yaşananlar” zaman keçdikcə gözəl xatirələrə dönmüş, bəziləri yazıya alınmış, bəziləri isə şirin bir əfsanə kimi dildən-dilə, nəsildən-nəsilə keçərək yaşamaqdadır. Bu xatirələrdə Üzeyir bəyin obrazı daha yeni-yeni cizgilərlə zənginləşir, doğmalaşır, bəşəriləşir. Bu xatirələrin müəllifləri arasında Üzeyir Hacıbəylinin tələbəlik dostları da var, öz tələbələri də…, görkəmli alimlər, bəstəkarlar, yazıçılar da var, sadə əmək adamları da…

Üzeyir bəyin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin tən-tənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, o böyük insanın ömrünün son günləri bu xatirələrdə öz geniş əksini tapıb.

Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü.Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.

Maraqlıdır ki, xatirələrin müəllifləri arasında Ü.Hacıbəylinin dostları, müasirləri – yəni, onu yetkin bir zəka ilə müşahidə etmiş insanlarla yanaşı, özləri məktəbli ikən Üzeyir bəyi görmüş, uşaq gözləri ilə müşahidə etmiş, onu izləmiş və həmişəlik yaddaşlarında yaşatmışlar da vardır. Ən vacibi isə budur ki, kimliyindən asılı olmayaraq hər müəllif o böyük insan haqqında nə isə yeni bir faktı söyləyir, onun çoxşaxəli həyat və fəaliyyətini müxtəlif aspektlərdən, bucaqlardan işıqlandırır.

Bu gün dahi bəstəkarın irsini öyrənən, həyat və yaradıcılığını tədqiq edən hər kəs üçün bu xatirələr və deyimlərin də müstəsna əhəmiyyət kəsb etməsi şübhəsizdir.

Dahi insanların həyatını göy üzünün qaranlıqlarını parlaq işıq seliylə yarıb keçən meteora bənzətmək olar. Meteor keçir, uzaqlaşır, ancaq göy üzündə izi xeyli zaman yaşayır. Onu görənlər isə uzun illər gördüklərini heyrətlə, sevinclə, möcüzə kimi xatırlayır.

Bu xatirələrin müəllifləri də böyük Üzeyir bəyi görərək bəlkə də o vaxt həyatlarının ən gözəl çağlarını yaşamış insanlardır. İndi isə o gözəl anları bizimlə bölüşürlər. Məgər bu azdır?

Sərdar Fərəcov

Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru


Görkəmli şəxsiyyətlər onu belə xatırlayırdı…





CÖVDƏT HACIYEV


Bəstəkar, pedaqoq, Xalq artisti

Böyük müəllimim haqda xatirələrim


Üzeyir Hacıbəyovla ilk görüşüm 1926-cı ildə oldu. Vali-deynlərim mənə musiqi təhsili vermək və hər hansı bir musiqi alətində çalmağı öyrənməyimi istəyirdilər. Bu məqsədlə də anam məni Lermontov küçəsində yerləşən musiqi məktəbinə apardı; o illərdə bu məktəbdə həm də konservatoriya yerləşirdi. Məktəbə daxil olduqda biz direktorun kabinetini tapdıq və anam qapını döydü. Qapını Ü.Hacıbəyovun özü açdı, gülümsəyərək bizi içəriyə dəvət etdi.

O, anamın xahişini dinləyərək dedi:

– Çox yaxşı ki, Siz gəlmisiniz. Deməli, bu uşaq musiqiçi olmaq istəyir? Nə edək, bu çox böyük və gözəl arzudur. Hansı alətdə çalmaq istəyirsən? – deyə Üzeyir bəy mənə tərəf döndü. Özümü itirərək anama sarı döndüm. Üzeyir bəy bunu hiss edərək dedi:

– O, skripkada çalacaq. Mən də nə vaxtlarsa skripkada çalırdım, sonra musiqi yazmağa başladım və bəstəkar oldum. Sən də bəstəkar olacaqsan, bunun üçünsə çoxlu məşğul olmaq, əziyyət çəkmək lazımdır.

Ü.Hacıbəyovun çağırışı ilə kabinetə hündürboylu bir adam daxil oldu. Bu professor S.Bretanski idi.

– Semyon Leontyeviç, budur, gələcəyin bəstəkarı, ona hər bir şeyi öyrədin.

Beləliklə, mən musiqi məktəbinə qəbul olundum.

Üzeyir bəylə ikinci görüşüm Rabfakın skripka sinfini bitirdikdən sonra oldu. Mən Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinin I kursuna daxil oldum.

30-cu illərin əvvəllərində Ü.Hacıbəyov L.Rudolfu konservatoriyanın nəzəriyyə-bəstəkarlıq şöbəsinə professor kimi dəvət etdi.

Üzeyir bəy biləndə ki, skripkada və fortepianoda improvizələr edir, musiqi bəstələyirəm, 1934-cü ildə məni L.Rudolfun sinfinə keçirtdi. Konservatoriyanın dərs tədris hissəsində bildirdilər ki, “Azərbaycan xalq musiqisinin əsasları” dərsini keçməliyəm və bu fənni Ü.Hacıbəyovun özü tədris edəcək. Bu xəbərdən çox sevindim və həyəcanlandım. Birinci dəfə bu dərsə gələrkən Üzeyir bəy nəzəriyyə-bəstəkarlıq fakültəsinə keçməyim münasibətilə məni təbrik etdi və dedi:

– Sizin, yaradıcı nəslin qarşısında çox böyük və çətin vəzifələr durur. Siz dünya musiqi mədəniyyəti nailiyyətlərini öz əsərlərinizdə əks etdirməli və onu doğma musiqimizlə uzlaşdırmalısınız. Baxın, Motsartın, Bethovenin, Çaykovskinin, Rimski-Korsakovun yaradıcılığını öyrənin. Budur, mən, “Koroğlu” operası üzərində işləyirəm və qarşımda bir çox mürəkkəb musiqi problemlərini həll etmək məsələsi durur. Sən bacar Rudolfdan polifoniyanın, harmoniyanın əsaslarını öyrənəsən, mənsə, bu sinifdə Azərbaycan xalq musiqisinin lad və strukturlarının formalarını öyrədəcəyəm. Çox istərdim ki, sən əsl milli bəstəkar olaraq, həm də dünya musiqi mədəniyyətini bütün texnologiyası, formaları və janrları ilə mənimsəyəsən.

Ü.Hacıbəyovun dərsləri çox maraqlı və cəlbedici idi. Müəllim kimi o, çox istedadlı idi. Üzeyir bəy elə edirdi ki, tələbə bir növ onun elmi axtarışlarının yaradıcısına çevrilsin. O, tələbənin səhvlərini çox ustalıqla, onun üzünə vurmadan, qürurunu tapdalamadan düzəldirdi.

Ü.Hacıbəyovun sinfində dörd il oxumuşam, mən ilk dəfə və həmişəlik olaraq muğamlarımızın bədii və struktur-forma əmələgətirici əsasını öz beynimə, məhz burada həkk etmişəm. Nizaminin, Nəsiminin, Füzulinin dərin fəlsəfi mənalarla zəngin olan bədii obrazlarının, eləcə də epos və dastanlarımızın mükəmməl məzmun və strukturunun muğam səslərində necə təcəssüm tapmalarının şahidi olmuşam.

1936-cı ildə Moskva Konservatoriyasına daxil olana qədər mən əsas musiqi dərslərini Ü.Hacıbəyovun və L.Rudolfun sinfində keçmişdim. Bu vaxta qədər artıq fortepiano üçün bir neçə əsərin, simfonik musiqinin müəllifi idim.

Üçüncü görüş. 1935-36-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfun sinfində oxuyan tələbələrin əsərlərindən ibarət konsert oldu. Mən fortepiano üçün “Fantaziya”mı ifa etdim. Ü.Hacıbəyov da bu konsertdə idi. Konsertdən sonra o, mənə yaxınlaşaraq dedi:

– “Fantaziya”n mənim xoşuma gəldi. Bu əsər, mənim sənin haqqında olan gözəl fikirlərimin, inamımın təsdiqi oldu.

1936-cı ildə mən böyük simfonik orkestr üçün simfoniya yazdım, bu simfoniyanı Bakıda qastrolda olan Leninqrad Simfonik Orkestri ifa etməli idi. Məşqlərdə çox həyəcan keçirirdim. Xoşbəxtlikdən, əsər orkestr tərəfindən çox gözəl ifa olundu. Filarmoniyada Ü.Hacıbəyov, P.Axundov, L.Rudolf və qastrolda olan alman dirijorları da var idi. Əvvəlcə Ü.Hacıbəyov danışdı. O, mənim musiqi məktəbinə, daha sonra konservatoriyaya daxil olduğum illərdən, dərs vaxtı göstərdiyim səylər və bacarığımdan söhbət açdı. Sonra, yazdığım əsərə keçərək, bu əsərin mənim yaradıcılıq yüksəlişimdən xəbər verdiyini söylədi. Ü.Hacıbəyov və L.Rudolf mənə müsbət xasiyyətnamə verərək, təhsilimi Moskva Konservatoriyasında davam etdirməyimi məsləhət gördülər.

Dördüncü görüş. 1946-47-ci illərdə Ü.Hacıbəyov Azərbaycan bəstəkarlarının I sədri kimi deputat məsələləri ilə bağlı tez-tez Moskvaya gəlirdi. Bu illərdə mənə bəstəkarlıqdan dərsi D.Şostakoviç deyirdi. Üzeyir bəyin hər gəlişində mən, onun qaldığı “Moskva” mehmanxanasına gedirdim. Üzeyir bəy mənim yaradıcılıq müvəffəqiyyətlərimlə, dərslərimlə maraqlanardı. Növbəti görüşlərin birində o, mənə yenicə nəşrdən çıxmış “Azərbaycan xalq musiqisinin əsasları” kitabını hədiyyə etdi.

Beşinci görüşüm 1947-ci ildə oldu. Moskva konservatoriyasını bitirdikdən sonra mən Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim kimi işləməyə göndərildim. Bununla bağlı konservatoriyanın rektoru Üzeyir bəylə görüşməli idim. Lakin Ü.Hacıbəyov işə çıxmırdı, xəstə idi. R.Xəlilov, onun katibi, mənə dedi ki, Üzeyir bəy sabah səni saat 12-də evində gözləyir. Mən getdim, qapını Məleykə xanım açdı, çox qonaqpərvərliklə evə dəvət etdi. Üzeyir bəy kabinetində yazı masasının arxasında oturmuşdu. Çox solğun görünürdü, lakin xəstəliyini bildirməməyə çalışırdı. O, məni konservatoriyanı bitirməyim münasibətilə təbrik etdi və dedi:

– Artıq sənin bəstəkarlıq fənnindən müəllim kimi dərs deməyin üçün sərəncam vermişəm. İllər necə də tez keçir. 1926-cı ili xatırla, anan səni mənim yanıma gətirəndə 9 yaşın vardı. Artıq 1947-ci ildir: sən yetkin bəstəkarsan, Moskva Konservatoriyasının yetişdirməsisən. Mən peyğəmbər deyiləm, lakin haqqında söylədiyim sözlərim həyata keçdi. Şostakoviç kimi dahi bəstəkar və insanın sinfində oxumusan. Qabaqda səni bəstəkarlıq və müəllimlik işləri gözləyir. Çalış ki, öz bilik, bacarıq və qabiliyyətini bir yerə toplayaraq, yeni Azərbaycan bəstəkarları nəslini yetişdirəsən.

Üzeyir bəylə görüşlərim həyatımda çox böyük rol oynayıb. Bircə onu qeyd etmək istəyirəm ki, mən onu bəstəkar, müəllim və dahi insan kimi bütün ömrüm boyu hafizəmdə saxlayacağam.


KAZIM KAZIMZADƏ

Xalq rəssamı


Üzeyir Hacibəyovla bir görüş



1945-ci ilin gərgin günlərindən biri idi. Saat 3 radələrində Sabit Rəhmanla görüşdük. Hər dəfə olduğu kimi, yenə də bir az zarafatlaşdıq, bir-birimizə məzəli hadisələr danışıb, güldük. Birdən Sabit ciddiləşdi və dedi:

– Bilirsən ki, bu gün axşam saat 8-də Üzeyir bəylə onun evində görüşməlisən? Onunla not yazacaqsınız. Özünlə tuş, qələm, karandaş və başqa lazımi şeylər apar.

Mənə elə gəldi ki, bu Sabitin növbəti zarafatlarından biridir. O, hiss elədi ki, mən ona inanmamışam. Bir də təkrar etdi:

– Zarafat eləmirəm, o, sənə notüstü mətni təmiz, aydın və hər sözü yerli-yerində yazmağı göstərəcək.

Evə gəlib hazırlaşdım; özümə lazımi şeyləri götürdüm. Saat 8-də Üzeyir Hacıbəyovun Monolitin 4-cü mərtəbəsində yerləşən mənzilinə qalxdım. İlk dəfə idi ki, Üzeyir bəyin evində olurdum. Zəngi çaldım. Qapını Məleykə xanım açdı və məni Üzeyir bəy olan otağa ötürdü. Otağa daxil oldum. Salam verdim. Üzeyir bəy xoş sima ilə məni qarşıladı. Yer göstərdi. Oturdum.

– Sənə Sabit dedimi nə yazacağıq? – deyə, soruşdu. Lazımi əşyaları özünlə götürmüsənmi?

– Bəli.

– Onda bir stəkan çay içək, sonra işə başlarıq.

Bu əsnada Məleykə xanım çay gətirdi. Çayın yanında ləbləbi, kişmiş və başqa çərəzlər var idi. Üzeyir bəy səliqə ilə geyinmişdi. Mənə elə gəldi ki, o, harasa getməlidir. Lakin tələsmir. Gözlənilmədən soruşdum:

– Üzeyir bəy, mən sizin vaxtınızı almıram ki?

– Necə məgər, sən bir yerə tələsirsən?

– Xeyr, sizə görə dedim.

– Mən işləyəndə həmişə səliqəli geyinirəm. İnsan səliqəli olanda işi də səliqəli olur. Yəqin siz də eləsiniz?

– Xeyr. Bizim işimiz kömürlə, rənglə, cürbəcür yağlarla, laklarladır. Ona görə səliqəli geyinmirəm. Lakin çalışıram ki, yaratdığım əsər səliqəli olsun…

– İndi bizim işimiz belə olacaq. Azərbaycan himninin notüstü sözlərini yazacaqsan. Bax, bu notun üstündə onun sözləri yazılacaq. Mən indi göstərəcəyəm hansı söz hansı notun üstündə olmalıdır.

O, mənə bir neçə not göstərdi. Lakin bunların üstündə yazılar yox idi. Sonra üstündə yazılar olan başqa notlar göstərdi və əlavə etdi:

– Bax, belə olmalıdır. Sözlər notların üstündə aydın yazılmalıdır. Bu notun üstündə “od”, o birinin üstündə “lar”, o birisinin üstündə “yu”, onun yanındakının üstündə “rdu” və ilaxır. Yaz, bir baxım.

Onun dediyi kimi yazdım. Özü də karandaşla. Alıb baxdı.

– Fikrimi yaxşı tutdun. Amma bu, karandaşla yox, tuşla yazılmalıdır.

– İndi karandaşların üstündən tuşla gedəcəyəm. Mən sizin fikrinizi bilmək istədim, – dedim.

– İndi tuşla yaz görüm. Mən sözləri notlardan nazik xətlərlə yazdım. Bu ona görə idi ki, sözlər notları korlamasın və sözlər nota uyğun olsun. Üzeyir bəy baxıb dedi:

– Sən bu cür işi başqa bəstəkarlarla yazmısanmı?

– Xeyr, ilk dəfədir.

–Fikrimi yaxşı tutdun. Al, bunları da belə yaz.

Bu minvalla çox sözlər yazdıq. Üzeyir bəy hər not yazılan kimi alıb baxır və royalın arxasına keçirdi. Notu çalır və sözləri nota uyğun astadan zümzümə edirdi.

– Hələlik işlər yaxşı gedir.

Gecədən bir xeyli keçmişdi. Ətraf sakitlikdi. Tramvaylar işləmirdi. Küçədən maşın səsləri kəsilmişdi. Mən Üzeyir bəyə fikir verirdim. Özlüyümdə fikirləşirdim ki, böyük sənətkarlar belə olur yəqin. Onlar sənətə kiçik səhvi ilə belə xələl gətirməzlər. Sənətkar əsəri büllur, saf, pak və müqəddəs olmalıdır. Belə ki, onu hər kəs dərindən hiss etməlidir. Birdən o yavaşcadan dedi:

– Bəli, burda bir düyünə düşdük. Qoy bir Səməd Vurğunla məsləhətləşək.

O, Səməd Vurğuna zəng çaldı.

– Səməd, yatmışdın? (O deyir ki, rejissor Muxtar Dadaşovla işləyirəm). Biz də burda rəssam Kazımla işləyirik. Amma səninlə məsləhətə ehtiyacım var… Burda bir yerdə, nəqarətdə musiqi ilə söz düz gəlmir. Sözü bir qədər dəyişmək lazımdır. Səməd Vurğun sözün dəyişməsinə etiraz edir. Üzeyir bəy çox təkid edirdi. Səməd, mən öz əsərlərimdə çox yerdə musiqi xatirinə sözü dəyişmişəm. Lakin əsl məqsəddən uzaq düşməmişəm…

Söhbət çox uzun çəkdi. Heç biri güzəştə getmədi. Belə razılaşdılar ki, Səməd Üzeyir bəyin yanına gəlsin.

Qapının zəngi çalındı. Məleykə xanım qapını açdı. Səməd Vurğun daxil oldu. Üzeyir bəy onu çaya dəvət etdi. Çay gəldi, amma içilmədi. Üzeyir bəy musiqini, Səməd Vurğun isə şeri müdafiə edirdi. İki saatdan çox mübahisə etdilər. Mən şahid oldum ki, heç kimin və heç nəyin xatirinə güzəştə getmək olmaz. Üzeyir bəy böyük musiqi xadimlərinin, bəstəkarların həyatından, iş üslubundan, musiqinin xatirinə sözləri uzatmaq və qısaltmaqdan danışdı. Çox misallar gətirdi. Royalda çaldı, ahəstə-ahəstə oxudu. Lakin bunların heç biri Səmədi qane etmədi. O, dedi:

– Üzeyir bəy, siz gəlin musiqi xatirinə sözü dəyişməkdən əl çəkin, sözə uyğun musiqi düzəldin.

Üzeyir bəy Cabbar Qaryağdıdan, Xan Şuşinskidən, Seyid Şuşinskidən, Bülbüldən misallar gətirdi. Səməd Vurğun isə təkid edirdi:

– Üzeyir bəy, mənim dediyim məsləhətdir; şeir qalsın, musiqini uyğunlaşdırarsınız.

Artıq dan yeri ağarmağa başlayırdı. Telefon zəng çaldı. Üzeyir bəy dəstəyi qaldırdı. Danışan “Kommunist” qəzetinin redaktoru, yazıçı Əli Vəliyev idi. Sən demə, o da qəzetdə çap üçün notu gözləyirmiş. Üzeyir bəy əhvalatı ona söylədi. O, Səməd Vurğunla danışdı. Səməd ona da etirazını bildirdi. Yığışıb redaksiyaya getdik. Redaksiyada hər kəs öz işi ilə məşğul idi. Qəzet demək olar ki, çapa hazır idi. Lakin notun klişesi yox idi, o hazırlanıb çapa göndərilməli idi. Əli Vəliyevin kabinetinin yanında bir kiçik otaq vardı. Bir qapısı redaktorun otağına, bir qapısı isə aynabəndə açılırdı. Aynabənddən küçəyə çıxmağa imkan da vardı. Mən bu otaqda oturdum. Əli Vəliyev dedi:

– Üzeyir bəy necə deyibsə, onu bura yaz. Gəlib səndən alacağam.

Mən notların üstünə Üzeyir bəyin dediyi kimi yazdım. Əli Vəliyev gəlib götürdü və sürücüsünə tapşırdı ki, Kazımı apar evinə.

Evə gəldim. Bir qədər yatdım. Bir neçə saatdan sonra muzeyə getdim. Muzeyin yanındakı bağda qəzet köşkündən bir “Kommunist” qəzeti aldım. Açıb baxdım. Həmin not mən yazdığım sözlərlə çap olunmuşdu. Muzeyə gəlib Sabitə zəng vurdum. O, mənə təşəkkürünü bildirdi və dedi:

– Hamısını bilirəm, Əli Vəliyev danışdı, – sonra da bərkdən gülüb əlavə etdi: – Böyük adamlarla işləmək çətindir.


LEYLA BƏDİRBƏYLİ

Aktrisa, Xalq artisti


Mən Gülçöhrəni ürəkdən sevdim


1938-ci il. Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıq gedirdi. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti idim. Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədriydi. O, rəqqasələr üçün tikilmiş milli paltarların forma, naxış, biçim və bəzəyinə çox diqqət yetirir, hətta başımızdakı cütqabağının silsiləsini düzəldir, necə taxmaq lazım olduğunu da göstərir, fərəh və qürur hissi ilə Azərbaycan milli geyimlərinin gözəlliyindən danışır, milli xüsusiyyətlərinin qorunmasını tələb edirdi. Ongünlüklə əlaqədar məşqlərin birində xorun rəhbəri və dirijoru Üzeyir Hacıbəyov xalq mahnısını oxuyan solisti mahnıya başqa rəng verməyə çalışdığına görə məşqi saxlayıb “A bala, nə eləyirsən? Mahnının atasını yandırırsan ki…” – deyə məzəmmət etdi. Solist çox tutuldu: “Mən mahnıya yeni forma, dirilik vermək istədim”, – deyə cavab verdi. Üzeyir dedi: “Bu, xalq mahnısıdır. Özünün milli şirinliyi və gözəlliyi kifayət qədərdir. Musiqimizdə inkişaf vacibdir. Lakin ona başqa don geydirəndə dözə bilmirəm”.

Mən elə bir adam tanımıram ki, Üzeyir Hacıbəyova məftun olmasın. O, qeyri-adi, ülvi bir insandı. Hər şeydə və hər kəsdə yaxşılıq görənlər əbədilik qazanırlar. Üzeyir belə şəxsiyyətlərdəndir. Gözəllikdə çirkinlik, yaxşılıqda yamanlıq, işıqda qaranlıq axtaranlara qarşı amansız olurdu. Pak qəlbli, geniş ürəkli, qayğıkeş, təvazökar, səxavətli bir insan – mən onu həmişə belə xatırlayıram.

Zahirən çox ciddi görünən Üzeyirin incə bir yumoru da vardı. 1944-cü il Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə Azərbaycan incəsənət ustalarının müvəffəqiyyəti səs-səda salmışdı. Hamı sevinirdi; Üzeyir Hacıbəyov hamıdan artıq. Yekun konsertində artistlərimizi və mədəniyyət işçilərimizi tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Əlbəttə, bu alqışların çox hissəsi Üzeyirin payına düşürdü. Təsəvvürünüzə gətirə bilməzsiniz ki, o necə sıxılır, utanır, geri çəkilərək yoldaşlarını irəli verirdi. Üzeyirə qabaq sırada əyləşməsini təklif etdikdə o, bizi də yanına çağırtdırdı və: “Qızlar, elə əyləşin ki, gözümün qabağında olasınız. Bura Gürcüstandır, birdən sizi qaçırarlar”, – deyib gülümsədi. Sevimli müğənnimiz Sara Qədimova ilə indi də bunu xatırlayıb gülürük.

Daha bir xatirə. 1945-ci il. “Arşın mal alan” musiqili komediyasının çəkilişinə hazırlıq gedirdi. Mən Gülçöhrə rolunda çəkiləcəkdim. Uzun müddətdi ki, konsertmeysterlə ariyaları öyrənirdim. Bu işə maestro Niyazi rəhbərlik edirdi. Bir gün hörmətli müəllimim və filmin quruluşçu rejissoru Rza Təhmasibdən xəbərsiz Üzeyirin evinə getdim. Hələ də bilmirəm niyə? Qapını bəstəkarın yaxın qohumu Tamara xanım açdı. Üzeyiri görmək istədiyimi bildirdim. Bir neçə dəqiqədən sonra işıqlı kabinetində, təmiz ağ köynəkdə kresloda əyləşmiş bəstəkar məni qəbul etdi. Nədən və necə başlamaq lazım gəldiyini unutmuşdum. Sanki hər şey başımdan uçub getmişdi. Birtəhər özümü ələ alıb dedim: “Mən Gülçöhrə roluna çəkiləcəyəm. Ona görə…” Yenə nitqim qurudu və heç bir şey əlavə edə bilmədim. O, mənə diqqətlə baxır, nə isə fikirləşir, adəti üzrə bığlarını tumarlayırdı. “Sənin çəkilməyinə etirazım yoxdur, am-ma, bilirsənmi, bu, rəqs deyil, kinoda obraz yaratmaqdır”, – deyib susdu. Bir qədər sonra Gülçöhrəni necə görmək istədiyindən, Azərbaycan qızına xas keyfiyyətlərdən danışdı. Əlbəttə, obraz haqqında bu görüşə qədər rejissorla söhbətimiz çox olmuşdu. Bütün bunlara baxmayaraq, böyük bəstəkarla söhbətdən sonra özümdə xoş bir əhval duydum və özümə daha möhkəm bir inam oyandı. Vidalaşarkən məni dəhlizə qədər ötürüb belə dedi: “Mən Gülçöhrəni çox sevirəm, istəyirəm ki, sən də onu ürəkdən sevəsən”. Həqiqətən, mən Gülçöhrəni ürəkdən sevdim.


MƏHƏMMƏD SƏİD ORDUBADİ

Yazıçı, publisist, dramaturq


Böyük sənətkar barəsindəki xatiratım


Üzeyir ilə tanışlığımız birinci dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Onun özü satiraçılıqda qüdrətli bir qələmə malik olduğu üçün satira yazanlarla tanış olmağı da sevirdi. Mən hələ Ordubadda olduğum zamam rəssam Əzim Əzimzadə ilə tanış idim və onunla tez-tez məktublaşırdım. Günlərin birində müştərək yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı:

“Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə, qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa gəlməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar. Sənin “Molla Nəsrəddin” məcmuəsində “Pilov cəzair müctəməsinin əhval coğrafiyası” ünvanlı satiran çox xoşuma gəldi. Onu daima yorğun olduğum vaxt götürüb oxuyuram. Hətta qarınqulu mollalar belə, acıqlandıqlarına baxmayaraq, bu yazını gülə-gülə, dönə-dönə oxuyurlar. Mən məsləhət görürəm ki, belə şeyləri yazanda oxucunu yalnız güldürməyə diqqət vermə, onları düşündürməyə də çalış!

Sənin qaibanə dostun H.Üzeyir”.

Üzeyir ilə yaxından tanışlığımız Oktyabr inqilabından sonra başladı. Mən iyirminci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım, yalnız rəssam Əzimzadə və Haqverdiyevlə görüşə bilmişdim. Bir az sonra mərhum Cəfər Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə olaraq üz-üzə gəldik və tanış oldum. Bu görüşdə, yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: – Daha qorxmursan ki!..

Əlbəttə, bir dəfə görüşməklə Üzeyir kimi bir sənətkarı öyrənmək mümkün ola bilməzdi. Təsadüfi görüşlər zamanı dəxi sənət barəsində danışmaq çətin idi. Bəzən görüşlərdə iştirak edən başqa adamların aralığa atdığı cürbəcür mövzular sənət barəsindəki söhbətlərə imkan vermirdi. Mən Üzeyirin əsərlərinin heç birisini görməmişdim. Birinci olaraq onun “Arşın mal alan” musiqili komediyasının tamaşasına getdim. Zənn edirdim ki, gecədə Üzeyir bəy ilə görüşmək mümkün olacaqdır. Lakin o, teatra gəlməmişdi. Bu əsərin tamaşasından aldığım təsirat çox böyuk oldu. Əvvəla, bu əsərdə Üzeyir bəyin bir bəstəkar olmaqdan başqa, bacarıqlı dramaturq və satira ustası olduğunu müəyyən edə bildim və öz-özümə: “Üzeyir bəy öz epoxasının təzə adamıdır” – deyə şadlandım. O, bu əsərində çürümüş aristokratiyanın iç üzünü göstərdiyi kimi, qadınlar barəsində olan köhnə nəzəriyyəni də lazımi qədər baltalamışdı. Üzeyir bəy ilə yaxından tanışlığımız 1929-cu illərdən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu.

Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi üçün düşünürdü. Musiqimiz üzərində başlamış dedi-qodular gündən-günə artırdı. Bu zaman partiya və hökumətin köməyi ilə Üzeyir bəy Azərbaycan radio komitəsinin təşəbbüsü nəticəsində xalq çalğı alətlərindən notlu orkestr düzəltməyə başladı. Həmin bu zamanlarda mən Azərbaycan radio komitəsinin ədəbiyyat şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez görüşürdüm. Bəzən onun çalanlarla keçirdiyi məşqlərlə maraqlanırdım. Buradan aldığım qənaət notlu orkestr barəsində aralıqda gedən dedi-qoduların və bədbinliklərin yersiz olduğunu göstərirdi və mən Üzeyirin müvəffəqiyyət qazanacağına qəti inanmağa başladım. Bu zamanlar Üzeyir məni nəğmələr üçün şeir yazmağa maraqlandırdı. Bir neçə şeirimə musiqi yazdı. Nəhayət, günlərin birində o, radio idarəsində (tənəffüs zamanı) yanımda oturub ədəbi verilişlərimizin vəziyyəti barəsində danışdı. Sonra bir papiros yandırıb dedi ki: “Xırda işlərdən fayda yoxdur. Hələlik orkestr ilə məşğulam, bir neçə gündən sonra sənə bir söz deyəcəyəm, elə bilirəm ki, sən onu bacararsan, ancaq nigaran qalma, dediyim söz incəsənətə aiddir”.

O, gedəndən sonra mən çox düşündüm… nəhayət, onun təzə bir opera yazmaq fikrində olduğunu müəyyən etdim. Bu söhbətdən bir ay sonra məni opera teatrına çağırdılar və “Dəmirçi Gavə” pyesi əsasında bir opera librettosu yazmaq üçün müqavilə bağladılar. Mən bu barədə Üzeyir bəylə tez-tez görüşürdüm. Biz əsərin xorları, ariyaları barəsində məsləhətləşirdik. Bəzən o mənə ölçülər verdiyindən məlum olurdu ki, o, əsərin ariya və xorlarından bir çoxunu yazmışdır. Bu əsər üçün görüşlərimiz bir ilə qədər davam etdi. Bu müddətdə librettonu yazıb bitirdim. Onu oxuyub təsdiq etdilər. Artıq oturub işə başlamalıydıq. Üzeyirlə bir neçə gün oturduq, lakin heç bir iş görmədik, nədənsə Üzeyir çox tərəddüdlü görünürdü. Nəhayət, o öz qəlbini açıb dedi:

– “Dəmirçi Gavə”nin librettosu üzərində çox zəhmət çəkdin, mən də az zəhmət çəkməmişəm. Ancaq mən fikrimi dəyişmişəm. Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri qurban etməyin də eybi yoxdur. Biz “Dəmirçi Gavə” operasının əvəzinə elə bir əsər yaratmalıyıq ki, onunla xalqımızın varlığına qəhrəmanlıq ruhu aşılamaq mümkün olsun.

Biz sükuta daldıq. Bu sükut bir çay içmək və bir papiros çəkmək qədər davam etdi. Nəhayət, mən ona sual verdim:

– Nə etmək istəyirsən?

– Koroğlu dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mubarizə apardığını səhnədə görməlidir.

Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:

– Demək ki, biz bunu qərara alırıq! – dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub:

– Bəli, qərarlaşdıq, – deyə cavab verdim.

Bir neçə gündən sonra opera teatrının müdiriyyəti məni çağırıb “Koroğlu” operasının librettosunu yazmaq üçün müqavilənamə bağladı.

Biz əvvəlcə bir neçə gün oturub librettonun planını hazırladıq. Ariyaların, xorların və reçitativlərin yeri və ölçüləri müəyyən edildi. Bu iş bir qədər asanlıq yaratdı. Əsər parça-parça yazıldı. Beləliklə, libretto yazılıb qurtardığı zaman, demək olar ki, musiqi də yazılıb qurtardı.

Saat birdən dördə qədər oturub işləməyi qərara almışdıq. Ancaq bəzən vaxtları dəyişdirmək lazım gəlirdi. İşin gedişində onun bir xasiyyəti nəzərimi cəlb edirdi: hər gün işə başla-mazdan əvvəl mənim işə həvəsim olub-olmadığımı yoxlayırdı. Hərgah məndə bir kədər hiss edirdisə, mütləq əhvali-ruhiyyəmi düzəltməyə və lətifələr vasitəsilə kədərlərimi unutdurmağa çalışırdı. Sonra da işə başlayırdıq. Elə günlərimiz olardı ki, vaxtımız yalnız əsərin mündəricəsi üzərində gedən mübahisəyə sərf olunardı, bir misra belə yazmazdıq (hər bir səhnənin yazılışına uzun mübahisələrdən sonra başlardıq). Bizi çox məşğul edən səhnələrdən birisi də Həsən xan ilə Əhsən paşanın görüş səhnəsi oldu, çunki yalnız bu səhnənin vasi-təsilə əsərin siyasi mündəricəsi tamamlana biləcəkdi. Böyük mübahisəyə səbəb olan səhnələrdən birisi də “Çənlibel” səhnəsi oldu. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzə bəyi tövləçiliyə (mehtərliyə) qəbul etməsini yersiz hesab edirdim.

Lakin Qıratı oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə göstərilən qəhrəmanların sadəürəkli olmalarından misallar gətirib dedi:

– Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik təbii bir xarakterdir, eyni zamanda bu hadisə əsərin gedişi ilə üzvi surətdə bağlı olduğundan, başqa cürə göstərməyimiz mümkün deyil.

Üzeyir çox tələsik və sürətlə işləməyi sevməzdi. Mən əsərin əlimizdə yubandığını ona söyləmişdim. Nəhayət, o, mənə belə cavab verdi.

– Əsərin tez başa gətirilməsinə tələsmək lazım deyil. Biz bu əsərin üzərində nə qədər çox işləsək, əsərdə o qədər səhnədə çox davam edə bilər.

Bəstəkarın bu nəsihəti nəticəsində “Koroğlu” operasının bəzi parçalarını bir neçə dəfə dəyişmək məni heç də darıxdırmırdı.

Bir dəfə Üzeyirdən soruşdum:

– Nə üçün bəzi musiqi parçalarını royal qarşısında oturmadan yazırsan? O, gülümsəyərək dedi:

– Bəstəkar musiqi alətlərinin verdiyi səsləri o qədər dərindən mənimsəməlidir ki, bəzən royal və piano olmadan da əsər yaratmağı bacara bilsin.

Üzeyir bir çox hallarda fikrində canlandırdığı bir əsəri ancaq yoxlamaq məqsədilə royal qarşısında oturardı.

“Koroğlu” operasının yazılışı zamanı mən ancaq “Çənlibel” səhnəsindəki xorun musiqisini təfsilən eşidə bildim. O, ölçüləri mənə öyrətmək üçün bu xoru bir neçə dəfə royalda səsləndirdi.

Görünür ki, Üzeyir özü də bu xorun musiqisi ilə maraqlanırdı. Bəzən bu xoru royalda çaldığı zaman həyəcanından titrədiyini hiss edirdim. O, daima deyərdi ki:

– Hələlik musiqimiz xalqımızın zövqünü çox az təmin edə bilir, çünki onun üzərində az işlənmişdir. Onu xammal şəklindən çıxarıb mədəni bir vəziyyətə salmaq, aləmşümul etmək lazımdır. Mən “Koroğlu”da bu məqsədi tamamilə həyata keçirə bilməsəm də, onun bünövrəsini qoymaq istəyirəm. Bəstəkarlarımız bilməlidirlər ki, musiqimizi kütləyə yaxınlaşdırmaq üçün bu yol ən doğru yoldur.

Üzeyirin “Koroğlu” operasının yazılışında yürütdüyü əsas məqsədlərdən birisi də, Azərbaycan xalq musiqisini dar çərçivədən çıxarıb inkişaf etdirmək və səhnəyə çıxarmaqdan ibarət idi. Buna görə də bəstəkar “Koroğlu” operasında inkişaf etdirilmiş havalara geniş yer vermiş və bu vəzifənin öhdəsindən çox müvəffəqiyyətlə gələ bilmişdir. Bizim Üzeyir ilə etdiyimiz mübahisələr içərisində tarın “Koroğlu” operası orkestrində iştirak etməsi məsələsi də var idi. O, fikrini izah edərkən belə deyirdi:

– Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Sən özün fikirləş: hərgah mən tarı milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin, bu lazım deyildir. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı, bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm.

Mən Üzeyirin yaradıcılıq barəsindəki fikirlərindən öz yaradıcılıq işlərimdə də istifadə edirdim. Üzeyir bəy dedi-qodulara və birtərəfli tənqidlərə əhəmiyyət verməzdi. O deyirdi: “Bu cür dedi-qodular və yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir!”

Üzeyirin bu sözləri indiyə qədər mənim qulaqlarımda səslənir, yaradıcılıqda belə bir yol götürməyi başqalarına da tövsiyə etməliyik. Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım.

Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi. Üzeyir başladığı işi yarımçıq qoymaq və vəzifəsi başından ayrılmaq istəmədiyindən, yay zamanları belə, istirahət üçün bir tərəfə getməzdi. “Koroğlu” operasını yayın ən isti günlərində yazırdı.

Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir. Bunun üçün librettonun sadəliyinə diqqət verməyi tapşırardı. Onun fikrincə, XVII əsrə məxsus bir əsəri (xüsusən musiqili əsəri) bugünkü ədəbi dilin istilahları ilə yazmaq səhvdir. Bu məqsədlə də “Koroğlu”da “müharibə” sözünü “cəng”, “qoşun” kəlməsini “leşgər” və s. əsrə müvafiq kəlmələrlə əvəz etməyə çalışardı. O, hətta şeirlərin ölçülərində də həmin fikri həyata keçirməyi lazım bilirdi.

Üzeyir çox doğru olaraq təkrar edirdi ki: “Koroğlu” operasının səhnəsində görəcəyimiz şəxsiyyətlər libas və qiyafə cəhətcə bu günün adamlarından fərqli olduqları kimi, dil və şivə e'tibarı ilə də fərqli olmalıdırlar.

“Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür – demək olar.

Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir”.

Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: “Mən bu cür tələbəni görmək istəmərəm” – deyirdi.

MİKAYIL ABDULLAYEV

Xalq rəssamı, professor

Unudulmaz obraz

1943-cü ildə C.Cabbarlı adına Azərbaycan teatr muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırılmışdı.

Mən portreti naturadan çəkmək qərarına gəlmişdim. Lakin məlum oldu ki, Üzeyir bu barədə heç nə eşitmək istəmir. Hansı rəssam ondan şəklini çəkməyə razılıq verməsini xahiş edirdisə, rədd cavabı alırdı.

Beləliklə, məsələ böyüdü və gedib çatdı incəsənət işləri idarəsinə. Xeyli danışıq və təbliğdən sonra Üzeyirin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. Azərbaycan musiqi fondunun direktoru Ramazan Xəlilovla əlaqə saxlayıb, təyin edilmiş vaxtdan da bir qədər əvvəl konservatoriyanın köhnə binasına gəldim. Üzeyirin kabinetində pəncərə qabağında yerimi rahatlayaraq, molberti qurub, rəngləri sahmanladım.

Üzeyir kabinetə daxil olanda biz ehtiramla salamlaşdıq. Günahkar adamlar kimi məndən səs çıxmırdı. Ramazan isə iş ləvazimatımla Üzeyiri tanış etməyə başladı. O, sağ əlinin baş və şəhadət barmağı ilə bığlarını sığallayaraq dodaqaltı dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir”. Sonra kresloya əyləşdi, əllərini yana açdı, başını bir az qaldırıb soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab verdim: “Elə bu cür sərbəst”.

Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü. Yalnız kömürün kətan parçası cızmasının səsi gəlirdi. Otaqdakı sakitliyi Üzeyir özü pozdu: “Deyəsən, iş pis getmir. Mən öz surətimi görməyə başlayıram”.

Düzü, əvvəlcə təəccübləndim, sonra birdən yadıma düşdü ki, kətan çox nazik olduğuna görə şəffaflıqdan işığı arxaya buraxır və orada çəkdiyim cizgilər əks olunur. Həcm etibarı ilə çox da böyük olmayan bu portreti üç günə qurtardım və muzeyin tələsdirməsinə baxmayaraq, bəstəkara bağışladım. Mən hiss edirdim ki, Üzeyir Hacıbəyov portreti çox bəyənib… Tezliklə muzey üçün ikinci, həcm etibarı ilə böyük portreti başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd qırmızı xalçanın fonunda o, əllərinin barmaqlarını bir-birinə keçirib əyləşdi və yavaşca dedi: “İndi də belə oturaq”. Poza mənim çox xoşuma gəldi. Lakin bu portretin də maraqlı bir macərası olub. İşimizi təzə qurtarmışdıq. Üzeyirə bir balaca soyuq dəydi. O, iki-üç gün işə çıxmadı. Həmin günlər kabinet bağlı qalmışdı. Arada mən gəlib öz iş ləvazimatımı aparırdım. Elə oldu ki, gedəndə portreti iş masasının arxasındakı stulun üstündə, həmin divar xalçasına söykəyib getdim. Vaxtdan istifadə edərək rənglərin qurumasını gözləyirdim. Ertəsi gün Üzeyir evdən konservatoriyanın dəftərxanasına zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq kabinetin açarını xidmətçi qadına verirlər ki, gedib nəyi isə gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və cəld geri dönüb dəftərxanaya qayıdır, Üzeyirin özünün gəldiyi xəbərini verir. Təəccüblənirlər ki, elə şey olmaz. Əvvəla, Üzeyir xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə keçməyib, bu tezliklə də gəlib çatmaq olar? Kimsə tez gedib kabinetə yaxınlaşır. Qapının açar yerindən baxıb görür ki, “doğrudan da, Üzeyir öz yerindədir”. Bu dəfə tədris hissə müdiri özü gedir və kabineti açıb içəri girəndə, öz etirafına görə, əvvəl çaşır, sonra masa arxasındakının Üzeyirin özü yox, onun portreti olduğunu görüb gülməyə başlayır… Bu əhvalatı xeyli vaxt deyib gülərdilər. Üzeyir isə deyərdi ki, bax, ikinci portret özü müəllifsiz imtahandan çıxdı.

1944-cü ildə incəsənət muzeyi üçün üçüncü portreti yenicə başlamışdıq ki, Üzeyiri Moskvaya çağırdılar. Hesablayıb gördük ki, onun Moskvadan qayıtması və mənim Moskvaya dərsimə davam etmək üçün yola düşməyim bir vaxta düşür. Onda Üzeyir özünün ən çox xoşuna gəldiyi fotoşəklindən birini mənə bağışladı. O fotoşəklin köməyi ilə üçüncü portreti işləyib qurtardım. Amma sonra həmin portret teatr muzeyinə, ikincisi isə incəsənət muzeyinə verildi. Üzeyirin mənə verdiyi fotonu göz bəbəyi kimi qoruyuram. Mənim bağışladığım birinci portret indiyədək onun evində asılıb. Bu yaxında həmin portret müvəqqəti olaraq Moskvadakı M.Qlinka muzeyinə göndərilib. Böyük bəstəkarımızın yeni portretini qurtarıb muzeyə göndərən kimi, birinci portret yenə Üzeyirin öz evinə qayıdacaq. M.Qlinka muzeyi üçün yaratdığım portreti 1944-cü ildə çəkdiyim akvarel eskizə əsasən işləyirəm. Həmin eskizi Üzeyirlə bir yerdə müzakirə etmişdik və hətta onun bə'zi qeydlərini indiyədək unutmamışam. Xatirimdədir, tənəffüslərdə müxtəlif görüşlər olurdu. Müğənnilər və solistlər tez-tez böyük müəllimin yanına məsləhətə gəlirdilər. Bəzən Üzeyir deyirdi: “Bu tənəffüsdə Mikayıla bir konsert verəcəyik”. Doğrudan da, elə olardı. Müğənnilərin ifasını mən də dinləyərdim. Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov və bir çox bəstəkar dostlarımla yaxınlığımız elə o günlərdən başlanıb.

Üzeyir öz tələbələrini ata məhəbbəti ilə, diqqətlə dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər verirdi. Gənc bəstəkar qızları–Ağabacını, Ədiləni, Şəfiqəni öz doğma qızları kimi mehribanlıqla dinləyirdi.

Bir gün növbəti tənəffüslərin birini yarıda kəsməli olduq. Üzeyir dedi ki, bu gün Mikayılı operaya aparırıq, məşhur italyan bəstəkarı Rossininin “Seviliya bərbəri” ilk dəfə ana dilimizdə Azərbaycan səhnəsində göstərilir, gedək baxışa. Gündüz saat 12-də operaya gəldik. Fiqaro partiyasını Ağababa Bünyadzadə məharətlə ifa edirdi. Onun ifasında Fiqaronun kavatinası elə bu gündən dinləyicilərin qəlbinə iz saldı. Üzeyir gənc Ağababanın nadir səsinə və səhnə istedadına böyük qiymət verirdi. Yadımdadır, bəstəkar Koroğlunun partiyasına ikinci bir variant, yəni Bünyadzadənin bariton səsinə uyğun yeni bir variant hazırlamaq fikrinə də düşmüşdü.

Üzeyir səhnədəki solistlərdən tutmuş xorun ən sıravi üzvünə qədər hamıya öz minnətdarlığını bildirir və qeyd edirdi ki, onlarsız heç bir müvəffəqiyyət qazanmaq olmaz. O, hamının qeydinə qalardı, əlindən gələn köməyi heç kəsdən əsirgəməzdi. Üzeyir kimi böyük qəlbli əsil insanın nəcibliyindən, səxavətindən onu yaxından tanıyanlar dastan yaza bilərlər. Üzeyir, doğrudan da, öz xalqının böyük oğlu və xadimi idi. Böyük Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir.

MİRZAĞA ƏLİYEV

Aktyor

Yorulmaq bilməyən mübariz

Mən Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovla 1907-ci ildə “İrşad” qəzeti idarəsində tanış oldum. O zamandan etibarən mənimlə cavan müəllim Üzeyir Hacıbəyov arasında səmimi və yaradıcılıq dostluğu başlandı. Bir gün Üzeyir mənə “Leyli və Məcnun” operası üzərində çalışdığını bildirdi. Məşğələlərə 1907-ci il dekabrın əvvəllərindən başladıq və hər gün axşam “Nicat” maarif cəmiyyəti binasında aparırdıq.

Nəhayət, Üzeyir Hacıbəyovun ilk yazdığı “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də şənbə günü keçmiş Tağıyev teatrında tamaşaya qoyuldu. Bu tamaşada İbn Salamın toy məclisindəki rəqsi Üzeyirin göstərişi ilə mənə tapşırılmışdı.

Beləliklə, bu ildən başlayaraq unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyov, çar zülmünun ən ağır vaxtlarında Azərbaycan incəsənətində milli operanın və musiqili komediyanın ilk səhifəsini açmış oldu. O zamanlar belə işi görmək böyük qəhrəmanlıq və cəsarət tələb edirdi. Bunu da deməliyik ki, o zaman teatr qapısını görməyən və tanımayan Azərbaycan qadınları, Üzeyir Hacıbəyovun opera və operettalarına gəlməyə başladılar. Üzeyir Hacıbəyovun ikinci yazdığı “Ər və arvad” operettası idi. 1908-ci ilin noyabrında Üzeyir məni evinə dəvət edib, yeni yazmış olduğu “Ər və arvad” operettasını oxudu. Bir qədər söhbətdən sonra səsimi yoxlayıb, Kəblə Qubad rolunu mənə tapşırdı. Birinci dəfə olaraq mən həmin musiqili komediyada çıxış etdim. Üzeyir Hacıbəyovun ikinci musiqili komediyası “O olmasın, bu olsun” oldu. Bu komediyanın da baş rolu olan Məşədi İbad rolunu mən oynadım. 1912-ci il aprelin 3-də Üzeyir Hacıbəyov mənimlə bərabər artistlərimizdən bir neçəsini evinə də'vət edib, İtaliyanın Milan konservatoriyasında təhsil alan azərbaycanlı qızı Şövkət xanım Məmmədovanın Bakıya gəldiyini bildirdi və Şövkət xanımın İtaliyaya qayıdıb təhsilini davam etdirməsi üçün ona kömək etməyimizi xahiş elədi.

Üzeyir Hacıbəyovun təklifini hamılıqla qəbul edib, Şövkət xanım Məmmədovanın nəfinə “Ər və arvad” musiqili komediyasını oynamağı qət etdik. Aprelin 13-də axşam Tağıyev teatrında “Ər və arvad” musiqili komediyasının tamaşası qurtardıqdan sonra “konsert” şöbəsi başlandı.

Şövkət xanım Məmmədova səhnəyə çıxıb bir neçə hava oxudu. Bu bir çoxlarının xoşuna gəlmədi. Xüsusilə “millət-millət” deyib bar-bar bağıran ağalar ayağa qalxıb teatrı tərk etməyə başladılar. Mən bu halı gördükdə tez səhnə arxasından Üzeyirin yanına gəlib xəbər verdim və nə etməli olduğumuzu ondan soruşdum. Üzeyir Hacıbəyov inadlı bir tərzdə: “Qoy gedən getsin, bizə qalanlar lazımdır” – dedi.

Mən qırx ildən bəri Üzeyiri ölkəmizdə musiqi və opera incəsənətinin tərəqqi və inkişafı uğrunda yorulmadan çarpışan bir mübariz kimi tanıyıram. Bu böyük bəstəkarın haqqında nə qədər danışılsa, xidmətlərindən nə qədər bəhs edilsə azdır.

Hamımızın sevdiyi və əzizlədiyi Üzeyirin bizə, incəsənət işçilərinə qüvvət verən xüsusiyyətlərindən biri onun mətinliyi idi. Çoxları şahiddir ki, o, Azərbaycanda açdığı yeni yol ilə irəlilədiyi zaman qarşısına çıxan çətinliklərdən qorxmur, müvəffəqiyyətsizlik belə onu ruhdan salmırdı.

Üzeyir Hacıbəyov, Azərbaycanda bünövrəsini qoyduğu opera incəsənətini genişləndirmək uğrunda mübarizədə az həqarət görməyib. 1909-cu ildə çıxan “Zənbur” jurnalı Üzeyirin bir karikaturasını çəkmiş və onun mahir musiqi əsərləri yarada biləcəyini şübhə altına almışdı. Həyat və zaman bu şübhələrin nə qədər əsassız, Üzeyirin seçdiyi yolun isə nə qədər doğru olduğunu sübut etdi!

Üzeyir Hacıbəyov həmişə öyrənməyi və öyrətməyi çox sevirdi. Bir gün söhbət əsnasında o, mənə dedi ki: “Xoşbəxt o sənətkardır ki, biliyini verib gedir, bədbəxt o sənətkardır ki, biliyini özü ilə bərabər qəbrə aparır!”

MİRZƏ İBRAHİMOV

Yazıçı

Mən onu belə tanıyırdım

Həyatda ilk məhəbbət, ilk ayrılıq, ilk fərəhli addım və nailiyyət heç vaxt yaddan çıxmır. İlk uğurlu əsər də belədir. Mənim həyatımda belə əsər “Həyat” dramı olub. O vaxtdan gəlib keçmiş fırtınalı illər, aramsız zaman çox şeyləri xatirimdən silib aparıb. Lakin Naxçıvanda 1933-cü ilin payızından 1935-ci ilin yazına qədər keçirdiyim günlərin həvəsləri, həyəcanları, ehtirasları, iztirabları yadımdan çıxmır. Orada gördüyüm ürəyi süfrəsi kimi açıq insanlar, kəndlər də o dövrə məxsus yenilik uğrunda mübarizələrlə dolu həyat və o həyatla, o insanlarla dərin ünsiyyətin, müşahidələrin təsiri ilə “həyat” dramının surətlərini, süjetini düşündüyüm, qeydlər etdiyim, Bakıya qayıtdıqdan sonra isə kağız-qələm götürüb qəribə, şirin hislər, xəyallar içində yazmağa başladığım günləri məgər unutmaq olar?

Nə isə, yeni bir şey yaratmaq həvəsi ilə dolu o günlərimiz dünən olmuş kimi gözümdə canlanır. Belə anlarda həmin o şirin ehtiraslar, o pak arzular yenidən sinəmi qızdırır… Qəribədir, 1935-ci ildən sonra qalaq-qalaq ömürdən keçmiş böyük tarixi hadisələrlə, təlatümlərlə, fırtınalarla dolu qırx ilin altın-da da o hislərin odu sönməmiş, külə dönməmişdir. Elə o cür közərir, öz hərarətini, öz istiliyini saxlayır…

“Həyat” dramı və onun səhnəyə gəlməsinə qədərki həm ümid və sevinc, həm də kədər qarışıqlı sonrakı iki illə bağlı çox şeyi unutmuşam. Lakin 1937-ci ilin çoxlarını heyrətə salmış və mənim üçün də, sənətimizin həqiqi patriotları, günəş qəlbli pərəstişkarları üçün də hədsiz sevinc, qeyri-adi ruh yüksəkliyi gətirmiş 28 və 30 aprelini heç vaxt unutmayacağam. O gün Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında “Həyat”ın ilk tamaşası oldu. Bunu və sonrakı tamaşaları görənlər onun necə ruh yüksəkliyi ilə keçdiyini, necə böyük maraq və təntənə ilə qarşılandığını xatırlayırlar. Bunu o dövrün mətbuatındakı yazılardan da görmək olar.

Mən ona görə söhbətimi “Həyat”dan başladım ki, Üzeyir Hacıbəyovla ilk tanışlığım bu hadisə ilə bağlıdır. “Həyat” dramının tamaşasından iki gün sonra – aprel ayının 30-da M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında “Koroğlu”nun ilk tamaşası göstərildi. Mən o tamaşaya getmişdim. Deməliyəm ki, bu, tamaşa deyildi, ətrafa işıq və hərarət səpələyən səhnədə qurulmuş gur bir ocaqdı, bir tonqaldı, bir məşəldi. Səhnədən salona, lojalara, divarlara od-alov yayırdı.

Qüdrətli insan ehtirasları, böyük bəşəri hislər, azadlıq və vətənpərvərlik duyğuları yeni cücərən yaz əkinlərinə, bağ-bağata, gülüstanlara, çəmənlərə həyat verən bizim ilıq yaz günəşinin şüaları kimi ağzına qədər dolu olan salona, tutumundan iki qat artıq adam dolmuş lojalara, bir boş yer olmayan amfiteatra yayılır, ürəklərə dolur, tamaşaçıları vəcdə gətirirdi…

“Koroğlu”nun uvertürası başlanan anda tamaşaçılar sehrlənmişdi. Onların sevinci hədsiz idi. Böyük sənət əsərinin bəxş etdiyi yüksək estetik həzz və ləzzətdən gözlər işıqlanmışdı, nəfəslər ətir saçırdı, elə bil ki, teatra dolmuş 1800-dən – artıq tamaşaçının hamısının ürəyi bir ahənglə, eyni çoşğun hislərlə döyünürdü; sanki ecazkar bir qüvvə müxtəlif peşəli, müxtəlif xasiyyətli, müxtəlif zövqlü, müxtəlif əxlaqlı bu adamları vahid bir kütlə kimi birləşdirmişdi. Bu sehrkar qüvvə böyük sənətin qüvvəsi idi ki, Üzeyir

Hacıbəyovun ölməz “Koroğlu”sunda parlaq təcəssümünü tapmışdı. Üzeyirin gah sakit bulaq kimi həzin axan, gah çoşğun dərya sahilini döyəcləyən “Koroğlu”sunun oynaq, ahəngdar, rəngarəng nidaları teatra dolmuş adamların varlığına hakim kəsilmişdi.

Mən hansı bir yazımdasa qeyd etmişəm ki, Üzeyir Hacıbəyovun yaradıcılığında “primitivlik” axtaranlar, otaqlarda, kabinetlərdə, teatr foyelərində “Koroğlu”nu da bəyənməyən elə adamlar tanıyırdım ki, onlar teatra gəlib bu sənət incisinə tamaşa edəndə istər-istəməz özlərini unudur, “Koroğlu”nun sehrləndirici təsiri altında “bəh-bəh!” deyib valeh olurdular… Böyük sənət əsərinin gücü belədir: insan şəxsiyyətinin eybəcər, yanlış fikirləri ilə onun daxilindəki təbii, sağlam duyğular arasındakı təzadı məhək daşı kimi üzə çıxarır…

“Koroğlu”nun ilk tamaşasında məni Üzeyir Hacıbəyovla tanış etdilər. Mənə elə gəldi ki, Üzeyirin iri gözləri birdən xeyli açıldı və onlardan nurlu simasına bir az da işıq çiləndi:

– Hə-ə-ə, “Həyat”ı yazan sənsən! Təbrik edirəm! – deyib əlimi sıxdı.

Mən təşəkkür edib qeyri-ixtiyari olaraq aşağıdan yuxarı onu süzdüm. İlk nəzərdə o, mənə çox cüssəli və ucaboylu göründü. Əslində isə Üzeyir orta boydan azca uca, yaraşıqlı bir kişi idi. Gözündə iri eynək var idi və bu eynəyin altından adama baxanda zəhmli görünürdü. Ancaq mən tezliklə inandım ki, bu yanlış təsirdir. O baxışlar həyatda insanları çox yoxlamış, onların yaxşısını da, pisini də, vəfalısını da, dönüyünü də çox görmüş müdrik adamlara məxsus sınayıcı, ayırdedici, ayıq baxışlar idi.

Sonralar bir sahədə, bir yerdə işlədiyimiz və bir yerdə bir sıra vacib səfərlərdə olduğumuz, vacib məsələləri həll edən məclislərə düşdüyümüz zaman mən Üzeyirin nə qədər alicənab, insanpərvər, mehriban, sadə təbiətli, müdrik, eyni zamanda son dərəcə prinsipial, inamından, idealından dönməyən bir adam olduğunu gördüm. Yox, o, əsla tərs deyildi. O, sənət, mədəniyyət, ədəbiyyat aləmində çoxdan yetişmiş, kamil bilikli sənətkar olduğundan, siyasi mübarizələr burulğanında kifayət qədər keşməkeşlər gördüyündən nəyin doğru və nəyin yanlış olduğunu yaxşı ayırd edə bilirdi. Bütün bu sahələrin vacib məsələlərinə aid onun bitkin fikirləri, doğru görüşləri, aydın təsəvvürləri olduğundan mən tanıdığım dövrlərdə o, ancaq həqiqət ifadə edən fikirləri irəli sürürdü, ancaq o inamdan dönmürdü ki, onun həqiqət olduğuna heç bir şübhə yox idi.

Opera teatrında, filarmoniyada və bir sıra başqa yaradıcılıq kollektivlərində Moskvada olacaq birinci Azərbaycan incəsənəti dekadasına böyük hazırlıq gedirdi. O zaman məni opera və balet teatrına direktor təyin etmiş və Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsini də mənə tapşırmışdılar. O dövrdə nə Mədəniyyət Nazirliyi, nə də Kinematoqrafiya Komitəsi vardı. Sənətin bütün sahələri İncəsənət İşləri İdarəsinə baxırdı. Beləliklə, iş çox və gərgin idi. Dekadanın keçirilməsinə isə bir neçə ay qalmışdı.

Bədii kollektivdə, xüsusilə, opera teatrı gərgin işləməli olurdu. Kollektivin bütün üzvləri səhər saat 10-dan teatra girir, saat 3-də bir saatlığa nahar fasiləsindən sonra yenə teatra qayıdır və gecə saat 10-da, 11-də evə gedirdilər. Bütün gün ərzində teatrın hər tərəfindən musiqi səsləri, ariyalar eşidilir, istehsalat sexlərində dekorasiyalar hazırlanır, kostyumlar tikilir, səhnədə, aktyor otaqlarında məşğələlər gedirdi. Deməliyəm ki, teatrda müstəsna bir işgüzarlıq, yaradıcılıq ruhu, intizam hakim idi. Böyükdən kiçiyə kimi bütün kollektiv coşğun bir həvəslə fikrini, qüvvəsini ona həsr etmişdi ki, Moskvaya hər cəhətdən yüksək keyfiyyətli tamaşalar aparılsın. Hamı dərk edirdi ki, Azərbaycan incəsənətinin Moskvada birinci dekadası böyük imtahandır və bu imtahandan alnıaçıq, üzüağ çıxmaq, hamı üçün şərəfdir, hamının vətənpərvərlik borcudur.

Dekadaya gedəcək tamaşaların – “Koroğlu”, “Arşın mal alan”, “Nərgiz”, “Şahsənəm” kimi qiymətli, parlaq musiqi əsərlərinin yüksək bədii keyfiyyətlə hazırlanması son dərəcə fədakar iş, kəskin ağıl, ixtiraçılıq tələb edirdi. Hazırlığın əsas həlledici cəhətlərini əlində saxlayanlar içərisində birinci olaraq mənim nəzərimdə böyük bəstəkar Üzeyir Hacıbəyov idi, odlu-alovlu rejissor İsmayıl Hidayətzadə idi, misilsiz, məlahətli səsi olan ustad sənətkarımız Bülbül idi. Onlar operamızın, musiqimizin inkişafına fəal, canlı münasibət bəsləyirdilər. Bu işdə seçilənlər içərisində emosional, hərarətli dirijorluğu, qeyri-adi musiqi istedadı ilə hələ o zaman nəzəri cəlb edən Niyazini, xoreoqrafiya sahəsində incə zövqü, son dərəcə plastik oyunu ilə məhəbbət qazanmış Qəmər Almaszadəni, klassik ariyaların ifasında zərif səsi və mədəniyyəti ilə hörmət qazanmış Şövkət Məmmədovanı xüsusi qeyd etmək istəyirəm…

Məlumdur ki, ilhamlı, həvəsli, gərgin iş və birgə yaradıcılıq axtarışları prosesində sənətkarlar bir-birini daha yaxşı tanıyır və bir-biri ilə ünsiyyət tapırlar. Altı ay ərzindəki gündəlik fasiləsiz iş, müzakirə, mübahisə və söhbətlər nəticəsində Üzeyir Hacıbəyov, İsmayıl Hidayətzadə və Bülbül ilə bizim aramızda möhkəm yoldaşlıq əlaqələri yarandı və bu əlaqələr getdikcə dərinləşdi. Söhbətlərimiz çox vaxt sənətin mənəvi gözəlliyi barədə olardı. Xalqın mənəvi həyatının və zövqünün inkişafı üçün bədii sənətlərin su və hava qədər lazım olması barədə, sənətkarın cəmiyyət və vicdanı qarşısında borcu, böyük ictimai-əxlaqi vəzifəsi barədə olardı. Bütün bunlar bizim aramızda yaranmış səmimi əlaqələrin get-gedə həqiqi dostluğa çevrilməsinə gətirib çıxardı.

Mən Hidayətzadəni çox gənc yaşlarından son dərəcə böyük istedadlı bir aktyor kimi tanıyırdım. Onun oynadığı rollar, xüsusən “Ölülər” tamaşasında yaratdığı Şeyx Nəsrullah surəti məni valeh etmişdi. Bu surəti o elə incəliklə, elə təbii və real cizgilərlə canlandırırdı ki, elə bil səhnəyə aktyor yox, əyninə əba geyib, başına əmmamə qoyaraq dini əlində alət edib xalqı soyan, aldadan, ələ salıb oynatmaqdan ləzzət alan fırıldaqçı bir ruhani çıxırdı. O: “Şeyx Əhməd, bu İsgəndərdi nəmənədi, ondan heç gözüm su içmir”, “Cücəplov?! Nə cücəplov, vələdüzzina?!”, “Şeyx Əhməd, məni hara gətirmisən?! Bunlar necə müsəlmandırlar?! Məgər sən bunlara deməmisən ki, mənim yediyim gündə bir xurmadır?!” – deyəndə salon hərəkətə gəlirdi. Hər sözü, hər replikanı Şeyx Nəsrullahın canlı surətini yaradan elə real, inandırıcı hərəkətlərlə müşayiət edirdi ki, tamaşaçılar ona alqışlar yağdırırdı.

Aramızda möhkəm dostluq əlaqələri yaranandan sonrakı görüşlərimizdə mən Hidayətzadəni çox zaman həmin rolda dediyi replikalarla qarşılayırdım və təbəssümlə işıqlanan üzündən hiss edirdim ki, yaratdığı surətdən ləzzət almağım onun ürəyinə yatır.

Üzeyir Hacıbəyov və Bülbül ilə mən şəxsən ancaq opera teatrında və incəsənət idarəsində işlədiyim zaman tanış olmuşdum. Yuxarıda dediyim kimi, tezliklə də dostlaşmışdıq. Hər iki sənətkar o zaman artıq Azərbaycan musiqi və teatr aləmində geniş ad çıxarmış, xalqın dərin məhəbbətini qazanmış nəhəng simalar idi. O zaman yaşca da, ədəbiyyat aləmindəki fəaliyyəti etibarilə də mənim kimi gənc bir yazıçının onlarla belə tez dərin ünsiyyət tapmasında, dostlaşmasında boynumuza düşən ağır və şərəfli vəzifə də az rol oynamamışdı. Əlbəttə, burada həyati, ictimai, estetik görüşlər, əxlaqi və mənəvi anlayışlar oxşarlığı da öz müsbət təsirini göstərməmiş deyildi.

Onu da qeyd etməliyəm ki, Üzeyir Hacıbəyov, Bülbül və Hidayətzadə xasiyyətcə müxtəlif adamlar idi. Lakin böyük yaradıcılıq ehtirası, Azərbaycan torpağına, Azərbaycan mədəniyyəti və incəsənətinə tükənməz məhəbbət onların arasında ünsiyyət yaradır, həqiqi dostlar kimi birləşdirirdi. Məhz bu cəhətlərin sayəsində onlar səhnəmiz, musiqimiz üçün yeni istedadlar axtarır və istedad gördükləri hər kəsə kömək əlini uzadırdılar. Onların uca ədəb-ərkanına da söz ola bilməzdi. Mənəvi mədəniyyət və şəxsi ləyaqət duyğusu nəticəsində onlar sənətindən, ictimai mövqeyindən asılı olmayaraq başqa insanlara da hörmət və məhəbbətlə yanaşırdılar.

Üzeyir Hacıbəyov sənətin, musiqi yaradıcılığının realizm, xəlqilik prinsipini müdafiə edirdi. O, inqilabi ideallarla aşılanmış sənət mübarizi idi. İstəyirdi ki, sənət xalqın yeni həyat uğrunda mübarizələrinə kömək etsin, həyatın, inkişafın zəruri tələbi olan prinsipləri o, böyük iradə ilə müdafiə edirdi.

O illər, bu məsələlər ətrafında qızğın mübahisələr gedən illər idi. O dövrdəki günlərdən birində biz Üzeyir Hacıbəyovla bir yerdə Moskvaya getməli olduq. Üzeyirin həyat yoldaşı, çox mehriban, müdrik, səbrli Məleykə xanım da bizimlə idi. O, bizi yola götürdüyü dadlı yarpaq dolmasına qonaq etdi. Meyvə, çay gətirdi, yeyib-içdik, ordan-burdan şirin söhbətə, musiqidən arada ədəbiyyat məsələlərinə keçdik. Sonra da danışarkən mən soruşdum:

– Üzeyir bəy, musiqi aləmindəki qızğın mübahisələrin mahiyyəti nədən ibarətdir?

– Mübahisə doğuran bir sıra məsələlər var, – deyə o cavab verdi, – onların ən vaciblərindən biri musiqi əsərlərinin dili məsələsidir. Hər xalqın, hər ədəbiyyatın milli dili olduğu kimi, musiqi əsərlərinin də milli dili var, necə ki, danışıqda, yazıda dil gərək sərrast olsun, söz, cümlə boğazdan rahat keçsin, “rahətəlhülqum” olsun, yəni adamın hülqumunda ilişib qalmasın, elə də musiqi əsərinin dili aydın, rəvan, axıcı olmalıdır ki, xalq onu anlasın, başa düşsün.

Mən dedim:

– Bəs onda, Üzeyir bəy, biz Bethoven, Motsart, Çaykovski kimi böyük bəstəkarların əsərlərini necə anlayırıq?

– Çünki hər xalqın musiqi əsəri onun öz dilində olanda başqa xalqlara da anlaşıqlı olur, onlar da doğmadır, sən deyən böyük bəstəkarların hamısı öz xalqlarının musiqisini, musiqi dilini yaxşıca öyrəniblər. Ondan istifadə ediblər, elə şeylər yazıblar, xalq onları başa düşsün, qəbul etsin, sevsin. Uydurma şeyləri, ahəngdən, melodiyadan məhrum olan əsərləri öz xalqın da, başqa xalqlar da çətin sevələr.

1940-cı illərin ikinci yarısında sənət və ədəbiyyat sahəsində bu məsələlərin kəskinləşdiyi dövrdə Moskvada SSRİ Bəstəkarlar İttifaqının plenumu çağırılmışdı. Üzeyir Hacıbəyov da o plenuma getmiş və çıxış etmişdi. Mən də o zaman Moskvada idim, “Moskva” mehmanxanasına düşmüşdüm. Bəstəkarlar plenumunun respublikalardan və əyalətlərdən gələn iştirakçılarından da bu mehmanxanada yaşayanlar vardı. Orada kimə rast gəlirdimsə, böyük heyrətlə Üzeyir Hacıbəyovun plenumdakı çıxışından, musiqidə xəlqilik məsələsini kəskin şəkildə irəli sürüb həlledici əhəmiyyətin dərin nəzəri biliklə, konkret əsərlərdən misallarla əsaslandırılmasından danışırdılar.

Mənimlə söhbətindəki fikirləri özünün həmin çıxışından aldığım aşağıdakı sözlərlə oxucuya çatdırıram: “Simfoniyaları xalq musiqisinin ahəngi ilə qidalandırmaq ən zəruri tələbimizdir. Hərgah xalqın musiqi dilinə uyğun gəlməyən, xalqın tələbinə cavab verməyən simfoniyalar yazsaq, bizdən soruşarlar: bəs bu simfoniyalar nə üçün öz xalqımızın musiqi dili ilə ahəngdar edilməyib? Bəstəkar xalqı ilə aydın və öz doğma ana dilində danışmalıdır. Bunun üçün bəstəkarlarımız xalq musiqi dilinin bütün qanunlarını düzgün öyrənməli, aydın bir dildə yazmağa çalışmalıdırlar”.

Həmin çıxışında Üzeyir Hacıbəyov “bəzi bəstəkarların xalq üçün deyil, musiqiçilər üçün musiqi yazmaq meylini” tənqid edirdi.

Böyük bəstəkarımız yaradıcılıqda süniliyin, sağlam zövqdən artıq xəstə ruhlar üçün yazılan ahəngsiz, melodiyasız, əslində mündərəcəsiz, mənasız əsərlərin əleyhinə idi. Çox zaman burjua modernizminin təsiri ilə yaranan və sovet həyat tərzinə, sağlam zövqə yabançı olan meyillərlə barışa bilmir, bəstəkarları sovet ideologiyasının dönməz mübarizləri olmağa çağıraraq deyirdi: “Biz sovet bəstəkarları məfkurə cəbhəsinin etibarlı əsgərləriyik. Biz məfkurəcə dolğun, xalqımızınzövqünü oxşayan gözəl musiqi əsərləri yaratmaqla bərabər, eyni zamanda böyük sosialist dövlətimizin, qəhrəman sovet xalqımızın qarşıya qoyduğu mühüm siyasi vəzifələrdən bizi uzaqlaşdırmağa çalışanlarla qəti mübarizə aparmalıyıq”.

Böyük sənətkarımız həyatda, məişətdə dəbdəbə, təntənə sevməzdi. Son dərəcə sadə, səmimi adam idi, ziynətə-sərvətə meyil etməzdi. Klassik Şərq ədəbiyyatı və fəlsəfəsində deyilən müdrik yaşayış etiqadını, görünür, ömrünün ilk dövrlərindən həyat özü onun canına-qanına aşılamışdı. Biz bilirik ki, o, sənət aləmində ilk addımlarını atandan zəhmətə alışmışdı, ehtiyacın “ləzzətini” dadmışdı. Buna görə də, yalnız çörəyin deyil, insan əlinin, insan əməyinin məhsulu olan hər bir maddi nemətin qədrini bilirdi. Onun indicə bir neçə sətir yuxarıda qeyd etdiyim yüksək mənəvi əxlaqi keyfiyyətlərini təcəssüm etdirən həyatından alınmış bəzi hadisələri nəql etmək istəyirəm. Bu hadisələrin bir qismini onun öz dilindən eşitmişəm, bir qismini özüm müşahidə etmişəm.

Üzeyir danışırdı ki, 1913-cü ildə Peterburqda olduğu illərdə Bakıdan gələn sevimli həyat yoldaşı Məleykəni qarşılamaq üçün dəmir yol vağzalına gedir. Şiddətli şaxtalı qış günü idi. Qatar gəlir, Məleykəni qarşılayıb vağzal meydançasına çıxarır. Belə soyuq gündə gənc xanımını piyada və ya konka ilə aparmağı öz mənliyinə sığışdırmır. Faytona oturmağa da pulu yox… Ani fikirdən sonra çıxış yolu tapıb faytonçulardan birinə yaxınlaşır, ünvanını bildirir.

– Neçəyə aparırsan? – deyib soruşur.

Faytonçu “filan qədər verərsən” dedikdə, Üzeyir təzəcə geydiyi qaloşları göstərir:

– Xoşuna gəlir?

Faytonçu işıldayan qaloşlara diqqətlə baxıb deyir:

– Gəlin oturun!

Məleykə işin nə yerdə olduğunu başa düşərək etiraz edirsə də, Üzeyir qaloşları faytonçuya verir, Məleykənin qolundan tutaraq faytona əyləşdirir. Bu hadisə o zaman baş vermişdi ki, Üzeyir Hacıbəyovun Bakıdakı “Nicat” adlı xeyriyyə cəmiyyətindən gözlədiyi qonorar gəlib çıxmamışdı. Maddi çətinliklə qarşılaşmalı olmuşdu.

Onun adını, şöhrətini, ustad sənətkar olduğunu eşidənlər həyatda, məişətdə çox sadə, dəbdəbəsiz yaşamasını görəndə heyrətə gəlirdilər. 1938-ci ilin aprel ayının birinci yarısında biz yeddi yüzə qədər incəsənət adamları ilə Moskvaya dekadaya getdiyimiz zaman bir qrup görkəmli sənətkarlarımıza “Moskva” mehmanxanasında yer düzəltmişdik. Üzeyir Məleykə xanımla ikiotaqlı sadə bir nömrə götürmüşdü. Bir gün mən tamaşanın başlanmasına bir qədər qalmış onların otağına yollandım ki, Böyük Teatrın filialına bir yerdə gedək. Üzeyir gülə-gülə dedi:

– Beş dəqiqə otur, qulaq as. Bir az səndən qabaq yanıma müxbirlər gəlmişdi. Söhbətdən sonra çıxıb gedəndə biri dedi:

– Siz niyə lüks götürməmisiniz? Axı sizin kimi sənətkarlar ən əla nömrələrdə qalırlar.

– Mən dedim ki, özümü elə burada da yaxşı hiss edirəm. Yaxşı yataq, vanna və royala qədər hər şey, hər şərait var.

– Da, vı skromnıy çelovek, paxvalnı!-deyib getdilər…

Üzeyir çox qayğıkeş, mehriban insandı. 1937-ci il dekabr ayının 31-də dekadaya bərk hazırlaşdığımız dövrdə gecə saat 12-yə işləyəndə opera teatrından bir yerdə çıxdıq. O zaman Üzeyir Ketsxoveli küçəsində, indi onun ev-muzeyi olan mənzildə yaşayırdı. Mən isə hələ Bakıda daimi mənzil almamışdım. Leninqradda aspiranturanı bitirib Bakıya qayıtdığım oktyabr ayından bir evdə kirayədə yaşayırdım. Üzeyir mənim həyatıma bələd olduğundan, sağollaşıb ayrıldığımız yerdə birdən dayandı:

– Tək hara gedirsən? Bizə gedək, Yeni ili bir yerdə qarşılayaq, – dedi.

Məleykə xanım dərhal onun təklifinə tərəfdar çıxdı və özünəməxsus müstəsna bir səmimiyyətlə məni evlərinə dəvət etdi.

Maşına oturub getdik. Ketsxoveli küçəsindəki məlum evin balaca dəhlizindən “Koroğlu”nun yarandığı böyük otağa keçən kimi Üzeyir:

– Hə, gəl səni anamla tanış edim, -deyib qolumdan tutdu və sağ əldəki qapını açıb anasını çağırdı. Yüzə yaxın yaşı olan, əriyib büzüşmüş, yumağa dönmüş, lakin ayıqlığını, diribaşlığını itirməmiş, başında yaylıq, balaca boylu bir arvad çıxdı. Üzeyir onun əlindən tutub ucadan:

– Ana, tanış ol, bu, Mirzədir, yazıçıdır, – dedi və arvadın ağlının bir şey kəsmədiyini görüb əlavə etdi: bizim naçalnikdir.

“Naçalnik” sözünü eşidən kimi arvadın gözləri açıldı, işıqlandı: “Sənə qurban olum, ay nəçəlnik, bizim bu uşaqdan muğayat ol!”-dedi.

Bu sözü eşidən kimi Üzeyir də, mən də qəhqəhə çəkib güldük.

Mən, əlbəttə, otağa girdiyim andan sehrlənmişdim, hər şeyə – oradakı qapağı açıq pianoya da, onun üstündəki notlara da, divarlara da heyranlıqla baxırdım, Üzeyirin-bu cüssəli, iri gözlü nəhəng sənətkarın yumaq kimi büzülmüş doxsan səkkiz yaşlı anası Şirin xanımı isə dörd gözlə süzürdüm. Buna görə də onun boy-buxunu da, sözləri də hafizəmə həkk olunub qal-mışdı.

Yeni ili gözləyərək oturub söhbət etdiyimiz zaman Üzeyir anasının gəncliyindən maraqlı şeylər danışdı. Demə, Şirin xanım böyük şairəmiz Natəvanla çox yaxın olub, hətta onlar ömürləri boyu bir-birinə bacı olacaqları barədə əhdü-peyman bağlayıblar. Üzeyir nağıl edirdi ki, 1897-ci ildə Şuşada Natəvan vəfat eləyən gün onun ətrafına xeyli adam toplaşıbmış, o cümlədən dindarlar da varmış və onlar ara vermədən kədərli avazla ayələr oxuyurmuşlar. Natəvan birdən gözlərini açıb yanında oturmuş Şirin xanıma baxır və işarə edir ki, qulağını mənə tut. Şirin xanım əyiləndə deyir; – Bağrım partladı, bu bayquşları buradan qov, xanəndələri, çalğıçıları çağır, qulağıma tar səsi, kaman səsi gəlsin…

Üzeyir həyatı sevən, həyatın mənasını, gözəlliyini dərindən duyan və ondan böyük mənəvi ləzzət alan ən qüdrətli, müdrik adamlardan idi. Onda gülmək, yumor duyğusu çox güclü idi ki, bunun ifadəsini biz “Arşın mal alan”, “Məşədi İbad” kimi ölməz komediyalarda görürdük. O, ömrünün axırına qədər bu nikbinliyi saxladı. Həyatda dönə-dönə ondakı bu keyfiyyətin təzahürlərini müşahidə etmişəm.

Vətən müharibəsinin ağır ayları idi. Alman-faşist orduları ölkəmizin içərilərinə soxulmuşdular. Belə günlərin birində, 1942-ci ilin təqribən yanvar ayında Üzeyir mənə – İncəsənət İşləri İdarəsinə zəng çaldı. Salam-kəlamdan sonra dedi:

– Oralardasanmı? Bir çay hazırlat, gəlim, həm çay içək, həm də sənə maraqlı bir şey danışım, gül.

Mən dedim:

– Buyurun, Üzeyir bəy, havaxt istəsəniz gəlin.

O zaman İncəsənət İşləri İdarəsi Qorki küçəsində yerləşirdi. Mən Quliyev adlı ədəbli-ərkanlı və nəzakətli qulluqçunu çağırıb tapşırdım ki, gözdə-qulaqda ol, Üzeyir Hacıbəyov gələcək. Sənə demək artıqdır, lazımi hörmət və ehtiramla bir başa kabinetə dəvət elə.

Əlbəttə, Quliyev dediyimdən də artıq hörmətlə Üzeyiri otağa gətirdi. Mən qabağa gedib onunla görüşəndən sonra “Üzeyir bəyə pürrəng, ətirli çay” – deyib Quliyevə müraciət etdim və Üzeyir Hacıbəyovla qabaqdakı stolun arxasında üzbəüz oturduq. O, konservatoriyadakı işlərdən, istedadlı cavanları ora cəlb edib musiqi sənətimizin bütün sahələri üçün yeni kadrlar hazırlamaqdan danışdıqca mən diqqətlə qulaq asır və bu qeyri-adi insandakı nikbinliyin, qələbəyə inamla bağlı olan işgüzarlığın, yaratmaq eşqinin gücünə heyran olurdum. Ağır, amansız müharibə də bu inamı, bu eşqi sarsıda bilmirdi. Mən bu fikirlərimi Üzeyirə bildirdikdə o, adəti üzrə burnunun düz altında saxladığı balaca bığını tumarlayıb gülümsədi:

– Elə mən də o barədə danışacağam, güləsən…

Demə, mənə zəng çalandan bir az əvvəl konservatoriyada işləyən müəllimlərdən biri Üzeyirin yanına gəlib demişdi:

– Üzeyir bəy, müharibə respublikanın rəhbərlərinin başını qatıb, Cəbhəyə kömək və başqa işləri çoxdur. Sən bizi onların yadına sal.

– Nəyi yadlarına salım? – deyib Üzeyir soruşdu. – Dərslərimiz normal davam edir, binamız var, maaşımızı vaxtında verirlər, ərzaq və başqa mallar üçün talonlarla təmin edirlər, daha nəyi yada salaq?

– Mən onu demirəm. Sözüm başqadır. Deyirlər bəzi idarələrin evakuasiya planı tutulub. Bəlkə, bizi də cəbhədən uzaq bir yerə köçürələr. Almanlar Qafqaza yaxınlaşıblar… Əlbəttə, belə sözlər Üzeyir Hacıbəyovun vətənpərvərlik duyğusu ilə bir yerə sığışa bilməzdi. Dərhal həmin adama deyib:

– Mən sizi tanıyıram. Sizin üçün iş, mənzil, maaş, yaxşı yaşayış şəraiti hər şeydən üstündür. Harda onlar var – ora sizə vətəndir. Mənim isə vətənim bu torpaqdır. Bu torpaqda mən hər çətinliyə dözərəm, öləndə də gərək bu torpaqda öləm…

Üzeyir gülümsəyib sözünü belə qurtardı:

– Bilirsənmi, o adam mənim bu sözlərimi necə qəbul etdi? Gözləri yaşardı, ayağa durdu: “Sizin vətənpərvərliyinizə mən heyranam!”– deyib üzümdən öpdü. Dəsmal çıxardı, gözünün yaşını sildi getdi…

Sovet xalqının qanlı düşmən üzərindəki cahanşümul qələbəsindən sonra – 1946-cı ildə ikinci çağırış SSRİ Ali Sovetinə seçkilər keçirildi. Üzeyir Hacıbəyov, Səməd Vurğun və mən də deputat seçilmişdik. Qadınlardan Çimnaz Aslanova, Bəsti Bağırova, Sona Nuriyeva və başqaları da var idi. Sonrakı illərdə sessiyaların biri mart ayında çağırılmışdı. Həmin ayın altısında deputatların çoxu, o cümlədən biz də xüsusi qatarla Moskvaya yola düşdük. Ertəsi gün Üzeyir Hacıbəyov Səməd Vurğuna dedi: Sabah 8 Martdır – Beynəlxalq Qadınlar günüdür. Sən bir şeir yaz, mən də musiqisini yazım, kişilərə öyrədək, oxusunlar, deputat qadınlarımızı təbrik edək.

Elə də oldu. 8 Mart Beynəlxalq Qadınlar günü kişilər təntənə ilə qadın deputatları təbrik etdilər və dərhal vaqonumuzun pəncərəsindən ətrafa gözəl musiqi səsləri yayıldı… Vaqonda təsəvvürə gəlməz bir şənlik vardı…

Üzeyir Hacıbəyov geniş ürəkli adam idi. O şəxslərə ki, on-lar doğrudan da, köməyə möhtac idi və bu kömək Üzeyirin imkanı dairəsində idi, o köməkdən heç vaxt boyun qaçırmazdı. Lakin başısoyuqluğu, tənbəlliyi, səhlənkarlığı, öz günahı ucundan özünü möhtac vəziyyətə salan adamlara gülərdi. Vətən müharibəsinin birinci ilində səbəbsiz yerə proqul edənləri cəzalandırmaq haqqında fərman çıxmışdı. Elə həmin günlərdə operanın heç bir səbəb olmadan işə çıxmamış işçilərindən birini akt bağlayıb məhkəməyə verdilər. O, Üzeyir Hacıbəyovun üstünə qaçıb min cür səbəb uyduraraq kömək göstərməsini xahiş etdikdə Üzeyir demişdi:

– Gedərsən, bunların hamısını məhkəmədə deyərsən…

Üzeyir Hacıbəyov dərin bilik sahibi idi. O, Şərqin də, Qərbin də nəinki musiqisini yaxşı bilirdi, ədəbiyyatının da bir sıra yaxşı əsərlərini oxumuşdu, mədəniyyəti və fəlsəfəsi ilə yaxından tanış idi. Bu tanışlıq, bu erudisiya, təbiidir ki, yaradıcılığında da hiss olunurdu. İlk tanışlıq ilimizdə söhbətlərimizdən biri Şərq ölkələrinin, xüsusən İranın həyatında feodal təfəkkür və yaşayış tərzinin zərərli qalıqlarından, dini fanatizmin xalqa vurduğu zərərlərdən düşdü. Üzeyir Hacıbəyov məndən soruşdu: “Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi”ni oxumusanmı?”

– Xeyr, – dedim.

– Keçmişdə ərəb əlifbası ilə çap olunub, tap oxu.

Mən həmin kitabı tapıb oxudum. O, realist ədəbiyyatımızın üfüqləri barədə mənim təsəvvürlərimi xeyli genişləndirməklə bərabər, mənə hədsiz estetik zövq verdi.

Təəssüf ki, Üzeyir Hacıbəyov həyatdan tez getdi. Cəmi 63 il yaşadı. 1948-ci ilin noyabr ayının 22-də axşam saat 7 çağlarında Üzeyirin ən yaxın, ən sədaqətli və vəfalı köməkçilərindən olan-indi onun ev-muzeyinin direktoru vəzifəsində çalışan Ramazan Xəlilov mənə zəng etdi və xəbər verdi ki, Üzeyir bəy ağır haldadır, dur gəl.

Bir neçə il idi ki, Üzeyir Hacıbəyov Kommunist küçəsin-dəki “Monolit” adlanan evdə yaşayırdı. Mən ora getdim. Üzeyir Hacıbəyovun yataq otağının qabağındakı otağa xeyli adam toplanmışdı. Hamı ağır kədər içində idi. Belə hallarda danışmağa söz də tapmırsan. Ramazan məni içəri, yataq otağına apardı. Otaqda üç-dörd nəfər Üzeyirin ən yaxın adamları oturmuşdu. Mən elə halda idim ki, onların heç birinə diqqətlə baxa bilmədim və indi Məleykə xanımdan başqa heç kəsi xatırlamıram. Məleykə xanım Üzeyirin solunda, baş tərəfdə oturmuşdu. Mənə sağ tərəfdə yer göstərdilər, oturdum… Üzeyir çox ağır nəfəs alırdı, sinəsi qalxıb enirdi. Amma huşu özündə idi. Otağa girib-çıxan olanda gözünü açıb bir anlığa baxır və yenə yumurdu. Başının altına bir neçə balış qoyulduğundan hündür idi. Ona görə belə idi ki, o, tez-tez balışlara dirsəklənib Məleykə xanımın köməyilə qalxır, çənəsini sağ əlinin içinə söykəyərək dərin fikrə gedirdi. Yorulduqda yenə uzanır, çox keçməmiş yenə qalxır, sağ dirsəyini dizinə söykəyib çənəsi ovcunun içində yenə dərin fikrə gedirdi…

Onun bu vəziyyəti qətiyyən mənim gözümdən çəkilmir. Görəsən, bu şirin dünyamızın hansı dərdləriydi onu düşündürən, onu bu qədər dərin fikirlərə dalmağa məcbur edən?!

İndiyə qədər mən bu müəmmalı suala yeganə doğru olan cavab tapa bilmirəm… Gah deyirəm ki, yaşamaq və yaratmaq eşqi ilə çırpınan və hələ çox gözəl operaların, mahnıların, kantataların süjetini, melodiyalarını yaratmağa qadir olan ürəyin dayanmasını təbiətin böyük ədalətsizliyi hesab edən fikirlər idi onu düşündürən. Gah da deyirəm, ölümün üz-gözünü yalamağa başlayan soyuq nəfəsi qarşısında aciz olan insanın dərdi idi onu düşündürən. Gah da deyirəm ki, gözəl, yaraşıqlı, gülüstanlar yurdu yer üzünü murdarlayan, əyrilərdən, oğrulardan, azadlıq və səadət düşmənlərindən dünyanın nə vaxt təmizlənəcəyi fikri idi gözünü rahat yummağa qoymayan… gah da deyirəm ki…

Bu “gah deyirəm ki”lərə son olmadığı üçün fikrim qayıdır böyük sənətə və ölməzliyə… O böyük sənətə ki, onu Üzeyir Hacıbəyov qanının hərarəti, ürəyinin çırpıntıları ilə yaradıb. O ölməzliyə ki, onu Üzeyir öz böyük sənəti ilə çoxdan fəth etmişdi!..

Bütün böyük insanlar kimi, Üzeyir Hacıbəyovun da həyat yolunu hərə bir cür təsəvvür edir: bəzilərinə elə gəlir ki, bu yol dümdüz olub, hamar olub, maneə, əngəl bilməyib, daim buludsuz-dumansız gədiklərlə zirvələrə qalxıb. Böyük bəstəkar və yazıçının mənəvi-ruhi aləmi isə əvvəldən axıra sevinclər, şadlıqlar içində keçib. Təəssüf ki, bu, yanlış təsəvvürdür.

Əlbəttə, başqa cür düşünənlər də var.

Şəxsən mənə onun həyatı uşaqlıqda uzun, soyuq, qaranlıq qış gecələrində kürsü başında anam Zəhradan eşitdiyim nağıllardan birinin qəhrəmanını xatırladır. Bu qəhrəmanın alnında yazılmışdı ki, o, həddi-büluğa çatmamış onu tufanlı dəryaya atacaqlar, fırtınalar, tufanlar onu qayadan-qayaya çırpacaq, sonra sahilə atacaq, sonra yeddi gur axan çaydan, yeddi uçurum dərədən, yeddi sıldırım dağdan aşmalı olacaq və nəhayət, qaranlıq tilsimi qırıb oradakı sönməz, əbədi məşəli götürüb elinə-obasına gətirəcək… Lakin əsl qəhrəmanlıq, qorxmaz ürək, böyük hünər gərəkdir ki, bu uzun yolu fəlakətə uğramadan keçə bilsin…

Üzeyirin yaratdığı əsərləri, onların rast gəldiyi maneə və müqavimətləri, ömrünün çox da asan olmamış yollarını öyrənəndə görürsən ki, o, həyat dəryasında necə fırtınalara, tufanlara sinə gərməli olub, necə ruhi sarsıntıları, mənəvi əzab və iztirabları aradan qaldırıb.

Bu sətirləri yazıram və sanki haradansa belə bir sual eşidirəm: musiqi və ədəbiyyat aləmində ilk addımlarını atandan təqdir olunan, həmişə xalqın hörmət və məhəbbətini görən, “Leyli və Məcnun”dan tutmuş “Koroğlu”ya qədər bütün əsərləri alqışlarla qarşılanan, xitabət kürsülərində, mətbuatda adı klassiklərlə bir cərgədə çəkilən bir yazıçı və bəstəkarın hansı fırtınalara, tufanlara düşdüyündən danışmaq olar?!

Bu suala cavab vermək üçün başlanğıcdakı metaforaya qayıtmağa məcburam. Böyük adamların həyatını, mənəvi aləmini çox cəhətdən dəryaya oxşatmaq olar: dəryanın sakit vaxtları da olur, fırtınalı vaxtları da. Sakit vaxtlarında belə onun dərinliklərində necə burulğanlar oynadığını heç kəs görmür.

Yüz minlərin, milyonların içərisindən seçilib qalxan, öz əməlləri və əsərləri ilə onların zövqünü oxşayan, ürəklərinə sevinc gətirən böyük adamların da zahiri sakitliyi daxili əndişəsiz olmur. Gözəgörünən xoşbəxtliyi kədərsiz olmur. Onların ən xoşbəxt, ən rahat vaxtlarında (ümumiyyətlə, belə vaxt olursa) fikirləri, ürəkləri narahatdır. Çünki heç bir həqiqi sənətkar və kəşfiyyatçı yaratdığı ilə, kəşf etdiyi ilə kifayətlənə bilmir, ürəyi, fikri yeni kəşflər, yeni əsərlər üçün çırpınır.

“Koroğlu”nun bizim M.F.Axundov adına Opera və Balet Teatrında, SSRİ Böyük Teatrının da səhnəsində görünməmiş zəfərli yürüşündən sonra müəlliflə belə bir söhbəti xatırlayıram:

– Üzeyir bəy, razısınızmı? Bizim sevinc və qürurumuzun hüdudu yoxdur!

– Sizi yaxşı başa düşürəm, – dedi, – amma mən sevinməkdən çox həyəcan keçirirəm. Qeyri-ixtiyari olaraq gözlərimdə oyanmış suala belə cavab verdi:

– Axı, xalqın, partiyanın bu uca qiymətində, bu məhəbbətində bir ümid də var. Mən o ümidə yeni əsərlə cavab verməliyəm.

Elə “Firuzə” operası barədə fikir də o zaman oyanmışdı.

Yaradıcılıq sevincdir, həm də həyəcandır, iztirabdır, bütün ruhi və cismani qüvvələrin gərgin səfərbərliyidir; elə fəaliyyətdir ki, sənətkar böyük olduqca bu gərginlik də artıq olur.

Bütün xalqlarda və dillərdə “yaradıcılıq əzabları” deyilən bir ifadə nahaq yaranmayıb. Doğrudur, bu “əzabların” hüceyrəsində sevinc gizlənir, lakin həmişə yox; çox zaman axtarışdan o sevincə qədərki yol xeyli uzaq olur və bəzən sevinc əvəzinə kədərlə qarşılaşırsan. Çünki hər bir axtarış uğurlu da ola bilər, uğursuz da. Lakin biz bilirik ki, Üzeyir Hacıbəyovun axtarışları həmişə uğurlu olub və onun “yaradıcılıq əzabları” nəhayətsiz sevinclərlə, mənəvi həzz ilə başa çatıb, yeni gurultulu alqışlarla qarşılanıb… Təəssüf ki, bu alqışlar da, bu xalq məhəbbəti də bədxahların, tərəqqi və yenilik düşmənlərinin, nəhayət, dargözlü, ürəyi paslı paxılların nifrətini, qəzəbini boğa bilməyib. Bəs buna nə deyəsən?! “Ona fikir verməyin!” – deyəcəksiniz. Müdrik məsləhətdir və Üzeyir heç vaxt o alçaqların durduğu pilləyə, daha doğrusu, bataqlığa enməmiş, onlara tam etinasızlıq göstərmişdir. O zaman ki, onlar nifrətlərini böyük meydanlara çıxarmır, dəryaya atılan xırda daşlar kimi küncdə-bucaqda, dalda büruzə verirdilər.

Bəs içi çürük, vicdanı və idrakı kor bu tərəqqi düşmənləri, bu günəş işığından qorxan yarasalar, bu paxıllar, bədxahlar, mərdiməzarlar hərəkətə gəldikdə, hücuma keçdikdə, tikilmiş, yaranmış abidəni xalqın gözündən salmaq, uçurmaq, məhv etmək istədikdə “Ona fikir verməyin!” demək olarmı? Fikir verməmək olarmı? Bəli, dostlar, Üzeyir fırtınalar, tufanlar içində yazıb-yaratmışdı. Onun uşaq çağlarından məna ilə, mündərəcə ilə dolu olan həyatı az tufanlara rast gəlməmişdi. Elə bu tufanın ilk zərbəsini o, hələ on altı yaşında bizim əsrin birinci ilindəcə hiss etmişdi. Bu barədə Üzeyirin özünü dinləsək, daha yaxşı olar. O, Qori seminariyasında oxuduğu illəri xatırlayaraq yazır: “Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə “Mən gələcəkdə nə iş görəcəyəm” sərlövhəsi təhtində bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: “Müəllimlər sənin yazdığına üç nömrəsi qoyubdurlar, amma mən 2 1/2 qoyuram. Çünki qanmıram ki, sən nə deyirsən”.

Seminariyada mütərəqqi müəllimlərlə yanaşı, “əlahəzrət imperator”a müti tələbələr hazırlamağı özlərinə müqəddəs borc bilən mühafizəkarlar yox deyildi və on altı yaşlı Üzeyirin bu arzusu onlara xoş təsir bağışlaya bilməzdi. Buna görə də onun yazısına “üç” qiymət vermişdilər. Lakin seminariyanın müdiri vəzifəsinin məsuliyyətindən qorxaraq, qiyməti bir az da aşağı salmışdı.

Əlbəttə, müəllimləri də, müdiri də narahat edən bu yaşda gəncin vətənpərvərlik duyğuları idi. Üzeyir də onların nə üçün belə etdiklərini yaxşı başa düşürdü… hələ ona töhmət də elan etmişdilər. Nə üçün? Utanmadan, həyasızcasına yazmışdılar ki, “Ana dilində danışdığı üçün…”

Gənc Üzeyirin seminariya həyatını və arzularını yada salıram. Çox sonralar, yəni 1937-ci ildən ömrünün sonuna qədər bir yerdə müxtəlif sahələrdə çalışdığımız illəri xatırlayıram. Müşahidələrim, söhbətlərimiz, onun fəaliyyəti, işə və insanlara münasibəti xəyalımda canlanır. Bütün bunları tutuşduranda xasiyyətinin bir cəhəti xüsusilə məni valeh edir: o da əqidəsində, inamında möhkəmlik, dönməzlik və cəsarət idi.

On altı yaşında seminariyada nümayiş etdirdiyi inam və vətənpərvərlik duyğusuna o, son nəfəsinə qədər sadiq qaldı. Bu yolda göstərdiyi qeyrət və cəsarət nəyə desən dəyər. Yadıma Üzeyirin bir yazısı, daha doğrusu, bir neçə yazısı düşür. Onlardan biri belə adlanır: “Halımıza dair” (1907-ci il). Üzeyir “sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq kimi (xərçəng kimi) getməyimizin əsas səbəbini əvvəlcədən düşünüb-daşınmadan, fikirləşmədən, yəni aydın qayəsiz, məqsədsiz meydana atılmağımızda və yalançı, zahiri cəsarət göstərməyimizdə görür. Nə üçün “camaat işinə qatışanlar” belə edir, nə məqsədlə?

Bu suala Üzeyir belə cavab verir: “Gizlətmək lazım deyildir, biz camaat işlərinə qarışıb “islahat” əmələ gətirmək istədikdə iki məqsədlə, daha doğrusu, bir məqsədlə, yəni ümumin xoşuna gələn məqsədi ancaq xalqa bəyan edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədimizi təqib edirik”.

Üzeyirə məxsus sadə xalq dili, xalq ifadələri, xalq təfəkkürü ilə açıq-aydın deyilmiş bu sözlər necə həyatidir, nə qədər doğrudur, cəmiyyətin necə yaralı yerinə vurur, xalqa zərər verən necə pis mərəzləri döyür!

Bu mərəzlərə qapılanların axırı biabırçılıq, bədnamlıqdır. “Çünki məqsədi-xüsusimiz bir çox alçaq məqsədlərdən olduğuna görə, bizə heç bir ürək-dirək vermir və bu səbəbə binaən qabağımıza çıxan birinci sədd, birinci mümaniət bizim əl-ayağımızı boşaldıb yer üzərində sürünən bir qurdcuğaza döndərir ki, gəlib-gedənə yalvarır: Ay aman, məni basıb əzmə, xəta edib sənin qabağına çıxmışam!”

Bu sətirləri o, seminariyadakı imtahan işindən altı il sonra “İrşad” qəzetindəki məqaləsində yazmışdı və o dövrdəki həmkarlarını, “camaat işinə qatışanları”, bütün ziyalıları, “iş bacaranları” yüksək qayələrlə hərəkət etməyə, xırda, kiçik, xudbin fikirlərin və ehtirasların əsiri olmamağa çağırırdı. Çünki Marksın ifadəsi ilə desək, ancaq “Böyük ideyalar böyük enerji doğurur”. Dünyanın böyük şəxsiyyətlərinin, o cümlədən Üzeyir Hacıbəyovun həyatı, fəaliyyəti, yaradıcılığı bu ali ideallara həsr olunmuşdu.

Ölməz sənətkarın əqidə yolunda sabitliyinin gündəlik işimizdə dönə-dönə şahidi olmuşam. Məlumdur ki, böyük inqilabi dönüşlər dövrü həyatın bütün sahələri, inamlar və əqidələr, insanın psixoloji aləmi, əxlaqi və zövqü imtahana çəkilir. O cümlədən təbiidir ki, ədəbiyyat və incəsənət məsələlərinə yeni münasibət yaranır. Lakin bu yeniliyin nədən ibarət olduğunu hamı eyni cür başa düşmür, hərə öz dünyagörüşünə, mədəni səviyyəsinə, biliyinə və tərbiyəsinə görə şərh etməyə başlayır.

İnqilabi çevrilişin ruhuna uyğun doğru-düzgün dialektik anlayışlarla yanaşı, tamamən səhv fikirlər irəli sürən dotələblər, solçular, “urraçılar” da meydana çıxır ki, onlar xalqın əsrlər ərzində formalaşmış əxlaqi və estetik görüşləri ilə yeni inqilabi tələblər arasındakı dialektik vəhdəti görmürlər, keçmişdən qalan nə varsa hamısını rədd edirlər; o cümlədən klassik və xalq sənətlərini də “köhnəlmiş”, “vaxtı keçmiş” elan edən “urra inqilabçılar” meydana çıxır.

Üzeyirin ömrünün və qüvvələrinin bir hissəsi bu vulqar sosiologizm nümayəndələri ilə ağır mübarizədə, onların hücumlarını dəf etməkdə keçmişdi. 20-ci illərdə milli musiqinin bəzi formalarını və bir sıra alətlərini, o cümlədən tarı az qala qadağan edənlər bu qəbildən idi. Üzeyir Hacıbəyov bu solçularla əsl fırtınaları andıran mübarizəyə girmişdi. Bu barədə əvvəlki yazılarımızda müxtəsər də olsa danışdığımızdan ancaq bircə şeyi – şəxsən Üzeyirə, onun “Əsli və Kərəm”, “Leyli və Məcnun” kimi klassik operalarına hücumları yada salacağıq. Hətta iş o yerə çatmışdı ki, bəzi “bulanıq suda balıq tutmaq” həvəsi ilə yaşayan “sənət adamları” hər yerdə bu əsərlərin inkişafa “zərəri”ndən danışır, guya “kəskin ağıllılıq” göstərərək vəcd ilə “Əsli- Kərəm-neçə kərəm?!” kimi ifadələr də işlədirdilər.

Üzeyir bu cür mənasız, axmaq, boş sözləri necə qarşılayırdı? Bu suala cavab vermək istəyəndə yadıma bir hadisə düşür. 1939-cu ildə Üzeyir Hacıbəyovla SSRİ Ali Sovetinin sessiyasına getmişdik. Necə ki, keçən yazıda göstərmişdim, o dövrdə bir qayda olaraq sessiyaya qatarla gedər, “Moskva” mehmanxanasında düşərdik. Sessiyanın iclaslarına da bir yerdə, Üzeyirin tələsmək bilməyən aram addımları ilə gedib qayıdardıq. Bir gün mehmanxanaya qayıtdıqda mərtəbə növbətçisi nömrələrimizin açarı ilə hərəmizə bir ağ zərf də verdi. Elə ayaqüstü açıb oxuduq. Hörmətli qəzetlərimizdən birinin ədəbiyyat və incəsənət şöbəsi deputat olan başqa sənət adamları kimi bizi də görüşə dəvət edirdi. Əlbəttə, müəyyən olunmuş vaxtda getdik. Şöbə müdirinin o qədər də böyük olmayan otağında Moskva, Leninqrad və başqa şəhərlərdən gəlmiş deputat sənətkarlar oturmuşdu. Onların əksəriyyəti bəstəkarlar, çalanlar, oxuyanlar – musiqi mütəxəssisləri idi. Biz keçib orta cərgədə oturduq. Görüş başlananda məlum oldu ki, skripka çalanlardan biri bu alətdə sağ əlin yalnız dörd barmağını deyil, bütün beş barmağını işlətməyi məsləhət görür. Bu barədə fikir sahibinin ətraflı izahatından sonra çıxışlar başladı. Bəziləri bunu qiymətli yenilik hesab edir, fikrini əsaslandırır, bəziləri də şübhələrini suallarla bildirirdilər. Bu zaman mən Üzeyirə baxdım ki, görüm onun üz-gözündən münasibətini bilə bilərəmmi. Nə görsəm yaxşıdır? Üzeyir başını sağ çiyninə qoyaraq ağıllı-başlı yatmışdı. Deyəsən, sədrlik edən yoldaş da buna diqqət etdi, məsələnin əhəmiyyətsiz olduğu haqqındakı fikrə bunu da əlavə bir sübut hesab edib son danışan adam susan kimi heç bir rəy bildirmədən deputatlara təşəkkürünü bildirdi, uğurlar arzuladı və iclası bağladı.

Biz redaksiyadan çıxıb maşına oturaraq mehmanxanaya yollananda, necə deyərlər, mənim dilim dinc durmadı:

– Üzeyir bəy, axı, deyəsən çox da yaxşı olmadı.

– Nə yaxşı olmadı? – deyib Üzeyir, adəti üzrə, iri eynəyinin üstündən məni süzdü.

– Siz yuxulamışdınız, Üzeyir bəy, – dedim və xətrinə dəyəcəyimi fikrimə gətirib peşman oldum.

Üzeyir isə halını pozmadan, Şərq ağsaqqallarına məxsus atayana bir əda ilə dedi:

– Mirzə, sən cavansan, bir söz deyim, yadında saxla, o yerdə ki gördün biməzmun, axmaq söz danışırlar, vecinə alma, bacarsan yuxula…

“Əsli və Kərəm”ə, “Leyli və Məcnun”a və başqa əsərlərinə olan hücumları da o beləcə təmkinlə qarşılayırdı, sanki onun arxasında dağ durmuşdu.

Bu dağ xalq idi, əsərləri oynananda teatrları dolduran və “bəh-bəh!” deyib arasıkəsilməz alqışlarla öz məhəbbətini bildirən minlərlə tamaşaçı idi…

Əməyin bütün sahələri kimi, bədii yaradıcılıq da yarış meydanıdır. Lakin buranın özünəməxsus xüsusiyyətləri var. Bura, hər şeydən əvvəl, istedadların yarışdığı meydandır, hünər meydanıdır və burada vahid meyar tapmaq o qədər də asan məsələ deyil. Çünki insanların zövqü çox müxtəlif olduğu üçün eyni əsər, eyni sənətkar, eyni xanəndə və ya çalğıçı barədə çox vaxt bir-birinə daban-dabana zidd fikirlər söylənir. Xüsusən sənətkarlar arasında bu fikir ixtilafları daha sərt olur. Bir də görürsən bir yazıçı, artist, rəssam o biri haqqında elə fikir deyir ki, əlində ixtiyar olsa, bu sənətdən onu tamamilə uzaqlaşdırar.

Mən opera və balet teatrında və incəsənət işləri idarəsində işlədiyim illərdə bir sıra belə hallara rast gəlirdim. Onlardan Üzeyirlə bağlı olan birini yad etmək istəyirəm. Operada Məhbubə Paşayeva adlı çox ədəbli, tərbiyəli və təvazökar, orta yaşlı bir aktrisa çalışırdı. Onun yaxın qohumlarından: biri – Camal Paşayev incəsənət işləri idarəsində şöbə müdiri idi. O da son dərəcə tərbiyəli, mədəni, xoşrəftar bir adamdı. Bunların Üzeyirə də hansı tərəfdənsə yaxınlığı vardı. Buna görəmi, ya başqa bir səbəbdən teatrın ictimai işlərində fəal çalışan yoldaşlardan biri tez-tez mənim yanıma gəlir və Məhbubə xanımın teatra yaramadığını, iki-üç ildə beş dəfə də çıxış etmədiyi halda, tam maaş aldığını və bunun da truppada söz-söhbət oyatdığını, əmək intizamına mənfi təsir etdiyini deyir, ixtisara salınmasını tələb edirdi. Nəhayət, mən Üzeyirlə məs-ləhətləşməyi qərara aldım və məşqlərin fasiləsində o, səhnədən ikinci mərtəbəyə, direktor otağına qalxdığı zaman çay gətirtdirib üz-üzə oturaraq bir qədər ümumi işimizdən söhbət etdikdən sonra dedim:

– Üzeyir bəy, məni yaman ağır vəziyyətdə qoyublar. Hey Məhbubə xanımın ayda-ildə bir dəfə oynamasından şikayət edirlər. Yoxlayanda da düz çıxır. Heç bilmirəm neyləyim?

Üzeyir diqqətlə mənə qulaq asdıqdan sonra azca fikrə getdi, sonra adəti üzrə çox balaca bığını tumarlayıb dedi:

– Məhbubə xanım ona görə az çıxış edir ki, repertuarda onun ampluasında rol olan əsər yox dərəcəsindədir. Olanını da üç ayda-beş ayda bir dəfə tamaşaya qoyurlar. Ancaq sən heç fikir eləmə, mən iki-üç həftəyə elə edərəm ki, sən ağır vəziyyətdən qurtararsan, Məhbubə xanım da dedi-qodudan.

Təqribən on gün sonra mən səhnədə Üzeyirin Məhbubəni yoxladığını gördüm. Məhbubə xanımı “Koroğlu”da təzə yazdığı Xanəndə qız rolunda çıxışa hazırlayırdı. Muğamat üstündə yazılmış oyun havası çox gözəl, çox ahəngdar idi və sonra tamaşaçıların alqışları ilə qarşılandı. O illərdə “Koroğlu” səhnədə çox tez-tez getdiyindən Məhbubə xanım barədə söz-söhbət də kəsilmişdi.

Üzeyir Hacıbəyovun sənətkarlara, öz həmkarlarına böyük məhəbbətinin, alicənab və həssas münasibətinin Moskvada dekadamız zamanında parlaq təzahürlərini gördüm. Dekada aprelin 5-də açılmalı idi. Biz təqribən beş-altı gün əvvəl Moskvaya getmişdik. Sənətkarlarımızın bələd olmadığı səhnədə dekorları qurmaq, məşqlər etmək lazım idi. Bütün bu işlər kollektivdən böyük fədakarlıq tələb edirdi. Bunun da ağırlığı təbiidir ki, ən çox əsas rolları ifa edənlərin, quruluş verənlərin, rəhbər yaradıcı qüvvələrin üzərinə düşürdü. Təsəvvür edirsinizmi, aprelin 4-də xəbər gəldi ki, Bülbülə soyuq dəyib, bərk xəstədir, Hidayətzadənin isə ürək ağrıları o dərəcədə şiddətlənib ki, həkimlər ona bir neçə gün yataq rejimi təyin ediblər. Sanki bizi dekada ruhunun, Moskva ab-havasının, diqqət və məhəbbətinin yaratdığı sevinclər, şadlıqlar gülzarından soyuq küləklər vıyıldayan qaranlıq bir dərəyə atdılar. Axı, sabah, aprelin 5-i dekada açılmalı idi!

Bepul matn qismi tugad.

14 584,51 s`om
29 169,02 s`om
−50%