Kitobni o'qish: «Mirzə Ələkbər Sabiq haqqında xatirələr»
"Xatirə Ədəbiyyatı" silsiləsindən 19-cu kitab
© Mirzə Ələkbər Sabir haqqında xatirələr
© "XAN" nəşriyyatı / Bakı / 2022 / 160 səh
Üz qabığının dizayneri / Teymur Fərzi
Kitabın təkrar nəşrə hazırlanmasında dəstəyini əsirgəməyən dəyərli dostlarımıza – Orxan Məmmədzadəyə, Dilqəm Əhmədə, Nərgiz Cabbarlıya və Sevda Tahirliyə minnətdarlığımızı bildiririk.
* * *

Mirzə Ələkbər Sabir
Ön söz əvəzi
Ədəbiyyatı sevdirən Şair
Tənəffüsə çıxmadım. Otaq boşalan kimi xəlvəti yerimi dəyişib sakitcə ən axırıncı partaya keçdim. Burdakı boş yerlər uğrunda dərslərini oxumayan sinif oğlanlarımız arasında əməlli-başlı dava-dalaş olurdu.
Zəngin səsi növbəti dəfə eşidildi. Oğlanlı-qızlı hamı tələm-tələsik sinif otağına doluşdu. Çünki zəhmindən bütün şagirdlərin tük saldığı Miri müəllimin dərsiydi – ədəbiyyat dərsi.
Xoşbəxtlikdən qarşı sırada boydan uca sinif yoldaşlarım – Tural və Gülbahar oturmuşdu. Yumaq kimi büzüşüb ümidsizcə sonuncu dəfə kitabı ev tapşırığı olan səhifəsinə gətirdim:
Vəz eylədiyim hədyəvü ehsandan ancaq
Ümdə qərəzim kisəvü həmyanın üçündür;
Sərkəştəliyim xirməni-buğdalar ucundan,
Aşiftəliyim sərvətü samanın üçündür;
– Müşfiq, müəllim səni çağırır, eşitmirsən?
Solumda oturan Günel məni dümsükləyəndə özümə gəldim.
Miri müəllim adəti üzrə sinfə girən kimi uşaqları hazırqaib edib mənim adıma çatmışdı.
– Fərziyev Müşfiq gəlməyib?
Adımın qarşısında sinif jurnalındakı aya-günə uyğun xanada "r" yazmağa hazırlaşırdı ki, sarımı udub hövlnak yerimdə dikəldim:
– Burda.
Qələmi saxladı, eynəyini əvvəlcə bir xeyli burnunun ucuna qədər çəkib mənə sarı baxdı. Sonra ürəyi toxdamadı, gözündən çıxarıb masasının üstünə tulladı:
– Sən niyə gedib ora çıxıbsan?
Yerimdə ölüb-dirildim. Qıpqırmızı oldum. Nə deyəydim? Deyəydim ki, Sabirin şeirləri çətindir, əzbərləyə bilmirəm?! Bir xeyli duruxdum. Uyğun cavab variantlarını sürətlə beynimdə ələdim. Təəssüf ki, ağlabatan bir şey tapa bilmədim. Başımı aşağı salmışdım. Bircə bunu hiss edirdim ki, yerdə mənim düşdüyüm vəziyyətə qımışanların, gülənlərin hamısının səsi qorxunc bir uğultuya çevrilib qulaqlarımın pərdəsini deşmək üzrədir. İçimdən qəfil bir hiss keçdi – mənə elə gəldi ki, qırx beş dəqiqədir ayaq üstəyəm. Amma bu çox çəkmədi. Miri müəllimin qolumdan yapışıb məni məcbur lövhənin qarşısına çıxardığı an daldalanmaq üçün qurduğum bütün planlar, elədiyim bütün dualar boşa çıxdı.
İndi yanaqlarımın bayaqkı qızartısından əsər-əlamət qalmamışdı. Rəngim-ruhum ağappaq olmuşdu. Soyuq tər damcılarının kürəyimdən belimə doğru necə süzüldüyünü hiss edirdim.
– Danış!
Amiranə səslə başlamağıma işarə edib eynəyini təzədən taxdı. Sağ əlinin ovcunu da çənəsində haçalayıb stulunu mənə tərəf çevirdi. İndi bütün diqqəti ilə mənə hakim kəsilmişdi. İlahi bu vəziyyətdə o necə də əzazil görünürdü. Udqundum. Şanssızlığıma lənətlər yağdırıb başlamağa cəhd elədim. Alınmadı. Bilmirdim. Öyrənməmişdim. Həmişə belə olurdu – sinfə kimsə daş atsaydı otuz nəfərin arasında gəlib mənim başıma düşərdi. Topa ilə harasa gedərdiksə, göydə uçan quş zıllayanda o gəlib ancaq mənim çiynimə düşərdi, hərdən də elə başıma.
– Öyrənməmişəm, – uzun tərəddüddən sonra hıqqana-hıqqana fikrimi qətiləşdirdim.
– Necə yəni, öyrənməmişəm? Sən? Müşfiq? Sabiri? Öyrənməmisən?
Pauza ilə verdiyi bu qısa sualların vahiməli ahəngi başıma ağır çəkic kimi dəydi. Artıq taleyimlə barışmışdım. Fürsət tapıb gözucu nəzər saldım. Ayağa qalxıb mənə doğru gəlirdi. Bir-iki dəfə oğlanlarımızdan qorxub, daha doğrusu fərasətli çıxıb döyülməməkçün sinifdən qaçanlar olmuşdu. Amma mən səbəbini bilmədən durduğum yerdə tikilib qaldım. Rəhmətliyin əli də çox ağırdı. Biraddımlığımdaydı…
Barmaqlarını ovcunda sıxıb kürəyimin ortasına bircə yumruq saldı. İki addım ləngər vurub birtəhər müvazinətimi saxladım.
– Ev telefonunu de görüm! Zəng edib atanla danışacam!
Ha çalışsam da, səsim çıxmadı. Yumruqdan sonra səsim batmışdı. Yerdən hansısa diliqurdlamış canıyananlıqla yada saldı:
– Ay müəllim, jurnalın son səhifəsində telefon nömrələri var.
Miri müəllim yerinə keçdi. Sabir yaradıcılığının vurğunu olan bu adam mənim dərsə hazırlıqsız gəldiyimə görə çox əsəbiləşmişdi. Masasının üstünü axtarmağa başladı:
– Hanı mənim eynəyim?
Sıra ilə pencəyinin yan ciblərini, döşcibini, portfelinin gözlərini, masanın üstündəki kitabların arasını tək-tək axtardı. İki-üç dəqiqə keçdi. Sinifdəki uşaqların hırıltısı keçmək bilmirdi.
– Hara qoydum bu zəhrimara qalmışı axı?!
Əslində eynəyi elə gözündəydi. Amma necə əsəbiləşmişdisə, gözü eynəyi görmürdü. Mən də hamıdan qabağa düşüb bunu ona demək istəmirdim. Qorxurdum ki, bu dəfə də hirsini mənim üstümə tökər.
Nəhayət, Miri müəllim eynəyini tapdı. Başını yelləyib tənbehedici nəzərlərlə məni yerimə göndərdi. Yekə bir "2"-də yazdı. Hirsi yenə soyumadı. Ev telefonumuzu da jurnaldan qeyd edib sinifdən çıxdı.
Həmin gün evə hansı sürətlə getmişəm, necə getmişəm yadımda deyil. Bircə bu yadımdadı ki, axşama qədər yeməyib-içməyib telefonun yanında keşik çəkdim. Gün ərzində gələn bütün zənglərə cavab verdim. Miri müəllim zəng etsəydi atamın xəbər tutmaması üçün səsini eşidən kimi dəstəyi asıb telefonu da naqildən ayıracaqdım. Amma o zəng etmədi…
…Əvəzində mən həmin gün nənəmin kitab rəfindən "Hophopnamə"ni götürüb səhərə kimi oxuyub bitirdim. Çox xoşuma gəldi. İndiyə qədər necə olmuşdu ki, fərqinə varmamışdım?! Səhərə qədər o şeirlərin necə, hansı şəraitdə yazılması ilə bağlı fikirlərə daldım. Bir anlıq könlümdən şair olmaq da keçdi…
Texniki, ən çox da təbiət fənlərinə olan hədsiz marağımdan dolayı həmin günə qədər mən heç bir bədii kitab oxumamışdım. Həmin günün səhəri – məktəbə gedəndə başa düşdüm ki, əslində bədii kitablara həvəs göstərmədiyim illərdə nə qədər çox şey itirmişəm…
O hadisə mənimçün Sabiri ədəbiyyatı büsbütün sevdirən Şairə çevirdi…
Müşfiq XAN
Məmməd Əmin Rəsulzadə
Füzulidən sonra Azərbaycanın ikinci ümumxalq şairi
Başqa istedadlı şair və yazıçılar arasında "Hop-Hop" təxəllüsü ilə Azərbaycanda məşhur jurnal olan "Molla Nəsrəddin"lə əməkdaşlıq edən xalq şairi – satirik şairin ulduzu parladı. Mirzə Ələkbər Sabirin "Hophopnamə"adlı şeirlər məcmuəsi tez bir zamanda hər bir savadlı azərbaycanlının yalnız şəhərlərdə deyil, eyni zamanda bütün kəndlərdə stolüstü kitabına çevrildi. Füzulidən sonra Sabir Azərbaycanın ikinci ümumxalq şairidir. Sabir özünün sadə formalı, dərin məzmunlu satirik şeirlərində amansızlıqla müasiri olduğu cəmiyyətin çatışmazlıqlarını görürdü.
"Çağdaş Azərbaycan ədəbiyyatı".Paris, 1936-cı il, səh. 10–11.
Əbdülvahab Yurdsevər
Sabirin Azərbaycan ədəbiyyatındakı yeri
Sabir türklüyün mədəniyyət, mənşə və tarix baxımından bir bütünlük təşkil etdiyinə inanmış və türk xalqları arasında daimi bir həmrəyliyin mövcud olmasını zəruri görmüşdür. Özü türk irqinin dünya tarixində fəal və hərəkətli bir qüvvə olduğuna və islamiyyətin əsaslı sütununu təşkil etdiyinə işarə etməklə bərabər, bəzi türk böyüklərinin daha çox şəxsi siyasət güdmüş olduqlarını, bunun üçün türk milli birliyini sarsıtdıqlarını və türklüyün tükənməz enerji qaynaqlarını açıq buraxdıqlarını bütün varlığı ilə hiss etmiş və buna təəssüf etmişdir. Şair böyük Səlcuq dövlətinin bu səbəblə parçalandığını, Çingiz Xan ilə Xarəzm türkləri arasında alovlanan qardaş çarpışmalarını, xristianlara qarşı aparılan uzun müharibələri qazandıqdan sonra türk böyüklərinin bir-birinin üzərinə hücum etmələrini, Qaraqoyunlu və Ağqoyunli türklərinin düşmənçilik nəticəsində Anadolu və Azərbaycanda türk qanının boş yerə axıtdıqlarını, Topal Teymur və İldırım Bəyazid arasında baş verən döyüşləri, yenə də Teymurun Qızıl Orda dövlətini ortadan qaldıraraq rusların qüvvətlənməsinə yol açmasını, Yavuz Sultan Səlim ilə türk Şah İsmayılın qanlı müharibələrini, Nadir Şah Avşarın türk xalqları arasında məhzəb döyüşlərini aradan qaldırmaq məqsədilə etdiyi xeyirli təşəbbüslərin yarımçıq qalmasını bir-bir tarix səhifələrindən dərin ürək ağrısı ilə təqib etməkdə və canlı bir ibrət tablosu kimi gözlərimiz önündə canlandırmaqdadır. Sabir bütün bu hadisələri hər zamankı kimi həcv dili ilə anlatmaqda idi. Onsuz da hər kəsin bildiyi bu acı həqiqətlərin bizə dərin təsir etməsinə səbəb olan amil Sabirin bu xüsusi anlatma tərzidir.
Sovet-bolşevik yazarlarının Sabiri təhrif edərək başqa şəkildə göstərmələri böyük şairimizin yüksək və əziz xatirəsinə xəyanət və təhqirdən başqa bir məna ifadə edə bilməz…
Sabir bir türkçüdür, Sabir həqiqi bir müsəlmandır. Sabir xalqçıdır. Sabir qərb mədəniyyətinin heyranıdır. Sabir rusçuluğa düşməndir. Sabirin əsl xüsusiyyətləri bunlardır.
Ankara, 1951-ci il
Sevda Tahirli
Mirzə Ələkbər Sabirin nəvəsinin xatirələri
Atamın babamla bağlı maraqlı xatirələri var. Əslində atam da atasını, sonra isə anasını çox erkən yaşda itirib. Çox maraqlıdır ki, atam xatirələrini bölüşəndə onun içini titrədən ifadələrlə danışırdı. Atama həm atalığı, həm analığı onun ortancıl bacısı Məşədi Səriyyə Soltan edib. Sabir övladlarını valideyn məhəbbətindən də artıq sevən insan olub. Amma bu qızının yeri Sabirin həyatında fərqli olub. Çünki o həm də babamın sirdaşı olub. Fikirlərini, narahatlıqlarını daha çox Səriyyə Soltanla paylaşıb. Atama da atası haqqında bütün məlumatları bacısı Məşədi Səriyyə Soltan ötürüb. O qadın ailə həyatı qursa da övladı olmayıb, bəlkə elə buna görə atama həm də öz övladı kimi baxıb. O xanımdakı uzaqgörənlik o qədər yüksək səviyyədə olub ki, kiçik qardaşının hafizəsində də olsa ailə bağlarını, dəyərlərini söylədiyi xatirələrlə qoruyub saxlamağa çalışıb. Çünki atam Sabirin ikisi oğlan, doqquzu qız olmaqla 11 övladından sonuncusu olub. Sabirin uşaqlarının əksəriyyəti çox erkən, hələ körpə ikən dünyalarını dəyişib. Onun cəmi üç övladı boya-başa çatıb: iki qızı və bir oğlu.
Atam da bir çox şeylər danışırdı – təbii ki, bacısının xatirələrindən. Məndə Sabirin əsl evinin eskiz-maketi var. Atam özü sağlığında xatirələrinə söykənərək bu maketi bir rəssam tanışına sifariş vermişdi. Çünki Sabirin evi Şamaxı zəlzələsi vaxtı dağılmışdı.
Məsələn, o maketdə həyətin ortasında bir ağac var. Həmin ağac ora təsadüfən qoyulmayıb. Babam həmin ağacı atamın doğulması münasibətilə evinin həyətində əkib. Sabir ailəcanlı, övladlarım sevən olub. Erkən yaşda onları itirməsi Sabirə pis təsir edirmiş. Atamın dünyaya sağ-salamat gəlməsi üçün o bir qurban da deyir. Atam doğulandan sonra babam gedir qurbanını kəsməyə. Səhər tezdən durur və yola düzəlir. Babam yolda görür ki, tarlada bir nəfər həvəslə işləyir. Sən demə onun məşhur şeirinin qəhrəmanı olan bir cütçü yer şumlayırmış. Gedə-gedə elə ordaca məlum "Cütçü" şeirini yazır:
Çıxdı günəş, doldu cahan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar, öküzlər kotana güc verir,
Gah yürüyür, gah yıxılır, gah durur.
Sabir əsasən sovet dövründə təbliğ olunmağa başladı. Onu imkanlı şəxs kimi göstərmək sovet ideologiyasına uyğun deyildi. Atam sağlığında Sabirin çox ağır, kasıblıq içində yaşayan biri kimi göstərilməsinə etiraz edirdi. Doğrudan da, bu necə ola bilərdi? Axı babam həm də ticarətçi idi, onun dükanı var idi. Bişirdiyi sabunları həm ehtiyacı olan yaxınlarına paylayar, həm də qazanc üçün dükanda satarmış.
Əslində babam ticarətinə davam edə bilərdi, onun evinin qarşısında sabun bişirilən sexi də var idi. Amma ticarətindən əl çəkməsinə səbəb mütərəqqi fikirlərinə görə sıxışdı-rılması olub. Babam daha çox mənəvi sıxıntı çəkib. Onu heç vaxt tam əl-qol açmağa qoymayıblar. Ticarətlə məşğul olduğu zaman din adamları, ruhanilər babama qarşı cəmiyyətdə boykot elan ediblər. İnsanlara icazə verməyiblər ki, ondan sabun alsınlar. Sabir də məcbur qalıb dükanını satır. Həmin pulu öz şəxsi maraqlarına sərf etmir. Yenə də millətinə xidmət etmək üçün tez bir zamanda "Ümid" məktəbini açır. İnsanları maarifləndirmək istəyir. Bir müddətdən sonra o bu işdən də uzaqlaşmalı olur və Bakıya gəlir. Burada fəaliyyət göstərir.
Ancaq ömrünün son illərində babam, doğrudan da çətin vəziyyətə düşüb. Qaraciyərindən əziyyət çəkib. Bəzi mənbələrdə ağciyər yazırlar, amma bu doğru deyil.
Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim;
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən
Başladı şişməyə indi üzü qarə ciyərim.
Sabir bilikli adam idi, dünyada olan elmi nailiyyətlərdən, yeniliklərdən xəbəri var idi. Bu, onun şeirlərindən bəllidir.
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!
Onun sabun bişirməyin kimyasını, indiki dillə desək texnologiyasını da bilməyi heç təəccüb doğurmur.
Babam vəfat edəndən sonra, nənəm uşaqlarla tək qaldı. Abbas Səhhət babamla yaxın dost olduğu üçün babamın ailəsini himayəyə götürür. Sonra Abbas Səhhət vəfat edir.
Əsrin əvvəllərində Şamaxıda baş verən məlum hadisələrlə bağlı oranı tərk etməyə məcbur qalan ailə geri gəldiyində uçulmuş və yandırılmış evinin böyük bir ailənin yaşadığı məkanı deyil, daha çox xarabalığı xatırladan görüntüsündən çox üzülmüş, nənəm xiffətdən və dərddən tez bir zamanda dünyasını dəyişmişdir.
Babam, bütün ailə üzvlərinə oxuyub-yazmağı öyrədirmiş. Onların savadlı olduğunu görmək Sabirin arzusu imiş. Sabir həqiqətən də, fərqli düşüncəyə malik olan insan idi. Heç kimin görə bilmədiyi məqamları görürdü. Doğrudur, Sabirin atası onun tamam başqa bir sahədə fəaliyyətini arzu edir, orda görmək istəyirdi. Amma Sabir öz seçimlərinin üzərində durmağı bacarıb. Nə qədər mülayim insan olsa da, möhkəm iradəsinin sayəsində öz yolundan dönməyib.
Sabir Bakıya gəldikdən sonra müxtəlif mətbu orqanlarda çalışdı və gizli imzayla yazmağa başladı. Bu adam gizli yazanda belə, təzyiqlərdən xilas ola bilmirdi. Bütün ailə üzvləri bunun əziyyətini çəkirdi. Yaşadığı mühitdən başını götürüb hara gedəcəyini bilmirdi. Axı bu insan ailəsini də dolandırmalı idi.
Babam həm də müəllim idi. Şamaxıdan başını götürüb Bakıya gəlir və Balaxanı məktəbində dərs deməyə başlayır. Belə məlum olur ki, orada təhsil qənaətbəxş deyilmiş. Amma Sabir elə fərqli ab-hava yaradır ki, uşaqlarını məktəbə qoymayan valideynlər belə, onları Sabirin yanına oxumağa gətirirlər. Onun fəaliyyəti o qədər gözəçarpan olub ki, Sabirin məvacibini 20 manat artırıblar (maaş nəzərə alınmasa belə, bu artım o dövr üçün çox yüksək məbləğ idi). Digər bibim Məşədi Səkinə Sabirin ən böyük qızı olub. Ailə qurub. 3 övladı olub, amma onlar da dünyadan tez köçüblər.
Babamın hüzr mərasimində diqqətçəkən bir hadisə baş verib. Hüzr məclisinə mollabacı (qadın məclisini aparan molla) gəlir. Atamın dediyinə görə, həmin qadın məqsədli şəkildə – Sabirə aid əlyazmaları ələ keçirmək üçün oraya göndərilibmiş. Mollabacı Sabirin hüzr məclisində şairin özü yazdığı mərsiyələri oxumaq istədiyini bildirib. Heç nədən şübhələnməyən ailə Sabirin əsərləri olan bağlamanı gətirib ortaya qoyur. Hər kəsin başı məclisə qarışır. Məclis də bitir və yalnız bir müddətdən sonra dərdli ailəyə məlum olur ki, əlyazmaların olduğu bağlama yoxdur. Beləliklə, həmin əsərlər itir və o gündən onlardan xəbər çıxmır.
Məşədi Səriyyə Soltanın babamın sirdaş qızı olmasını təsadüfi demədim. Sabirin övladlarının üçü də eyni yerdə, köhnə Yasamal qəbiristanlığında dəfn olunublar. Səriyyə Soltanın məzarı üzərində isə belə yazılıb: Şair Sabirin sirdaş qızı, "Hophopnamə"nin xilaskarı Tahirzadə Məşədi Səriyyə Soltan. Bunu atam Səriyyə Soltan 1938-ci ildə rəhmətə gedərkən yazdırıb.
Deməli, bibim bir dəfə ata evinə gəlir. Görür ki, atası məyusdur. Soruşur nə olub, nə məsələdir? Sabir ona deyir ki, fikirləşirəm şeirlərimi çap etdirim, amma vəsait yoxdur. Ölməzdən əvvəl kitabımın çıxmasını istəyirəm. Bu söhbət burda da qalır. Növbəti gün qızı təkrar atasıgilə gəlir. Stolun üstünə boğça qoyur, deyir bunu götür və kitabını çap elə. Boğçada Səriyyə Soltanın gəlinlik zinət əşyaları var imiş. Sabir razılaşmır, qızı təkid edir ki götür, kitabın çıxandan sonra ondan gələn vəsaitlə mən yenə də zinət əşyalarımı alıb yerinə qoyaram. Beləliklə, babamı razı sala bilir. Şeirləri çap etdirməyə aparanda məlum olur ki, bu vəsait bütün şeirlərin çap olunmasına kifayət etməyəcək. Otururlar ata-bala məsləhətləşirlər və qərara gəlirlər ki, vacib olanları seçib çap etdirsinlər. Sonra ondan gələn vəsaitlə digərlərini çap edərlər. Sabir öz əli ilə ilk növbədə çap olunacaq şeirləri seçir. Lakin yenə də hansısa səbəblərə görə kitab çap olunmur. Seçilmiş şeirlər qalır Səriyyə Soltanda. Sabirin əlyazmaları oğurlandığından Səriyyə Soltan gizlətdiyi boğçanı da oğurlamasınlar deyə bu barədə kimsəyə söyləmir. Sonradan "Hophopnamə"də çap olunan şeirlər Sabirin sağlığında seçdiyi və Səriyyə Soltanın da qoruyub saxladıqlarıdır.
"Azərbaycan müəllimi" qəzeti, Rüfanə Günəş
Üzeyir Hacıbəyli
Sabir üçün varidatından keçən xanım
"Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım idi. Mirzə Ələkbər Sabir Tiflisdə müalicə olarkən onun üçün xeyli zəhmət çəkmişdi.

Azərbaycan ədəbiyyatının, musiqisinin, incəsənətinin görkəmli nümayəndələri Mizrə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Həşim bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Süleyman Sani Axundov və başqaları
M. Hacınski
Mirzə Ələkbər Sabir haqqında xatirat1
1905-ci ildə "Həyat" qəzətəsində işlədiyim zaman mərhum Sabir idarəyə gəlmişdi. Sübh zamanı idi. İçəri daxil olub şair, Avaranı soruşdu. Mən istəmədim ki, özümü bildirim. Dedim:
– Avara bir saatdan sonra gələcək, əgər tələsirsinizsə, nə qulluğunuz var isə buyurunuz, deyərəm.
Sabir:
– Mən istəyirdim görüm bu necə adamdır, doğrudan da avaradır və yainki kefinə çatıb özünə təxəllüs qoyubdur.
– Bizim kimi bir adamdır, ancaq avara deyil, əhli-ruh bir adamdır.
Sabir:
– Bəs onda sən allah, ona de ki, yazıqdır, adını dəyişdirsin. Bizim Şirvanda biri vardı, adını "Məhrum" qoymuşdu. Biçarə övlad tərəfindən sonra da məhrum oldu. İndi qorxuram ki, bizim Avaramız qiyamətəcən dünyada avara qala.
– Mən gülüb özümü nişan verdim. Şairin sözü yerini tutdu.
"Məlumat”, 21 iyul 1911, № 18
Məmmədəli Sidqi2
Kiçik bir xatirat
Yeri gəlmişkən acizləri də möhtərəm şairimiz Sabir haqqında bir parça xatirat yazıb bu gecə3 onu yad edənlərə təqdim etməyi faydadan xali görmədim.
Sabir Tiflisdə
1911-ci ilin əvvəllərində Sabir müalicə üçün "Molla Nəsrəddin" idarəsi tərəfindən Tiflisə gətirilmiş idi. Sabirin xəstəliyi günü-gündən şiddət etməkdə idi. Xəstəliyinə baxmayaraq, Sabir yenə də yazmaqdan əl çəkmirdi. Hər gün Bakıdan alınan türk (Azərbaycan) qəzetlərini təqib edib əhvali-zəmanəni mütəzəmmən şeirlər yazmaqda davam edirdi. Hətta Kürdəmirdən vaqona oturub Tiflisə gələnə qədər yolda:
Ağladıqca kişi biqeyrət olur,
Necə ki, ağladı İran oldu.
– Şeirini yazıb gətirmişdi. Sabir ilə bir otaqda yaşadığıma görə bəzən Sabir yatdığı bir halda oyanıb məni oturmuş gördükdə "qələmi al, bu taziyanəni yaz, bu qəmçini yaz" – deyərdi.
Sabir Tiflisdə ikən müsəlman hissəsi olan Şeytanbazara gedib orada öz xalqı arasında gəzib-dolanıb Tiflisin gənc ziyalıları ilə müsahibədə bulunardı.
Sabirin sevdiyi yer Tiflisin Botaniçeski adlanan bağı idi ki, çox vaxt Sabir həmin bağın aşağısından axan çayın yuxarı tərəfində oturub oradakı mənzərələri seyr edərdi.
Sabir çox xoşsöhbət və hazırcavab bir şair idi. Lakin xəstəlik onu elə bir ağır hala salmış idi ki, bəzən danışmaqdan belə usanırdı.
Sabir şeir yazanda, yaxud başqa vaxtlarda Şəmsəddin Saminin türk qamusunu çox mütaliə edərdi. Türkiyəli Həcvgu Əşrəfin türkcə və Ömər Xəyyamın farsca rübailərini oxumağı çox sevərdi.
Sabir xəstəxanada
Sabir Tiflisə varid olduqdan sonra müalicə üçün Tiflisin bir çox ən məşhur həkimlərinə müraciət olundu. Həkimlərin verdikləri dərmanlardan bir mənfəət hasil olmadığına görə, axırda həkimlər əməliyyati-cərrahiyyə (operasiya) olunmaqdan ötrü Sabirin xəstəxanaya verilməsini məsləhət gördülər. Sabir o vaxt Tiflisdə gözəl xəstəxanalardan biri hesab olunan Aramyans xəstəxanasında yatırdı.
Xəstəxana təbib və cərrahları Sabirin qaraciyər xəstəliyini dürüst kəşf etməkdən ötrü dəfələrlə cəm olub məşvərətdə bulundular. Axırda bu qərara gəldilər ki, əməliyyati-cərrahiyyə yapıb Sabirin qaraciyərinə baxsınlar, kəsilməsi mümkün olduğu surətdə (yəni vaxtı keçməmişsə) buradaca kəsib sağaltsınlar. Sabir buna razı olmayıb, hətta zarafatyana bir surətdə həkimlərə müraciətlə "mənim qarnım sandıq deyil ki, açıb içinə baxıb örtəsiniz!" – dedi.
Bu qərar üzrə Sabir əməliyyati-cərrahiyyəyə razı olmadığına görə, xəstəxanadan çıxdı.
Burasını dərxatir etməliyik ki, Sabir xəstəxanada yatdığı halda da yazmaqda davam edirdi. Hətta bir gün Novruz bayramı üçün "Molla Nəsrəddin" məcmuəsinə bir şeir yazmağa başlamış olduğunu göstərdi. Lakin xəstəliyi şiddət etdiyinə görə, həmin şeir bitməmiş qaldı.
Sabir xəstəxanadan çıxdıqdan sonra xəstəliyi günü-gündən şiddət etməyə başladı. Şamaxıya göndərilməsini arzu etdi.
Sabirlə son görüş
Üçüncü zəng vurulduqdan sonra Sabirlə axırıncı olaraq görüşüb-öpüşüb Bakı tərəfə azim olan qatardan çıxdım. Qatarın dərin nəfəslər alan parovozu guya dərdinə əlac olmayan bu şairi apardığını hiss edərək bir neçə ələmli fit verdikdən sonra hirs ilə yerindən hərəkət edib bir daha arxasına baxmayaraq Tiflisdən uzaqlaşdı.
Yas teleqramı
Sabir getdikdən sonra, iyulun 13-də Şamaxıdan Abbas Səhhətdən belə bir teleqram aldım: "Sabir vəfat etdi".
"Yaşıl yarpaqlar" kitabı, 1922
M.Ə.Veyisov4
Sabir əfəndinin sərgüzəştindən bir parça
Sabir əfəndinin ən yavuq əhbablarından birisi olduğum üçün bu məqalə ilə millətimizə onun sərgüzəştindən bir neçə kəlmə məlum etmək istəyirəm.
Sabir əfəndinin darülbəqadan darülüqbayə5 rəhlət etməyinə səbəb olan naxoşluğu – altda yazdığım səbəbə görə onda əmələ gəldi.
1908-ci ildə "Molla Nəsrəddin" məcmuələrinin birində Şamaxı qazısı mərhum Hacı Məcid əfəndinin6 köhnə və təzə hərəmi ilə nə tövr rəftar etmək rəsmi çıxdığına görə şəhər əhalisinin cürbəcür danışıqlar vüqu bulmaqdan dolayı, bu tövr namünasib bir hərəkəti yapan kim olduğunu axtaran zaman, Sabir əfəndinin düşmənləri – avamünnas arasında belə bir şayiə buraxmışdılar ki, guya mərhum necə ki, "Molla Nəsrəddin"ə məqalə göndərir, həmçinin rəsm də göndərir.
Avam camaat isə Sabirin bilkülliyyə rəssamlıqdan xəbəri olmadığını nəzərə almayıb onu müttəhim tutdular. Sabir əfəndi isə həmin Hacı Məcid əfəndinin vasitəsilə özünü camaat hüzurunda müttəhimlikdən xilas etdisə də, lakin ikinci bir rəsm (Şamaxı Yuxarı qala məscidinin həyətində dəfn olan mərhum Hacı Seyidəli ağanın qəbri üzərində əyləşmiş bir qadın rəsmi7) camaatı nəhayət, dərəcədə mütəəssir etmişdi. Həmin vaxtda Sabirin damadlarından biri8, avam sinfinin ən mütəəssiblərindən olduğuna görə, əlinə tapançasını alıb şeytanını qaldıraraq Sabir əfəndinin üzərinə qəflətən atılıb düz ürəyindən vurmaq istədi.
Sabir əfəndi qorxudan bihuş olub yerə düşdü. Huşa gəldikdən sonra neçə gün yataqda yatıb özünü düzəltdi. Bunun düzəlməyi zahiri düzəlmək idi. Batində etdiyi böyük xiffətdən dolayı, özü söyləyən, bir vərəm əmələ gətirmiş, günbə-gündən dəruni xəstəlik çəkmiş bir insan kimi geri gedib və axırı qaraciyər naxoşluğuna giriftar olub, çox zəhmət çəkdikdən sonra xudanın rəhmətinə vasil olur. Naxoşluğun şiddətli zamanında mən söylədim ki, Sabir əfəndi, nə üçün özünü gözləməyib hər şeydən ötrü bu qədər qüssə və xüffət etdin ki, axırda belə naxoşluğa giriftar oldun? Mənə cavabı bu rübai oldu:
Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən,
Başladı şişməyə indi üzüqarə ciyərim.
"Yaşıl yarpaqlar" kitabı, 1922
H. Mahmudbəyli9
Uzaq keçmişlərdən əski xatirələr
Qırx beş-qırx yeddi il bundan əvvəl Şamaxı şəhərində oranın ziyalıları və zənginlərinin təşəbbüsü ilə bir məktəb açılmışdı. Məktəbin idarəsi mərhum Hacı Seyid Əzimin öhdəsinə buraxılmışdı. Məzkur məktəb Azərbaycan və farsi olmaq üzrə iki şöbədən ibarət idi…
Burada çocuqlar ilə hesab, coğrafiya və qismən tarix dəxi keçirilirdi. Müdirin səyi və fəaliyyəti sayəsində məktəb müntəzəm və gözəl şəklə girmiş; dərslərinin düzgün və müntəzəm getməsilə məktəb az zaman içində gərək mütə-şəbbüslərin, gərək sairlərinin diqqətlərini cəlb ilə etibarlarını qazanmağa müvəffəq olmuşdu. Seyidin yaxın dostlarından beş-altı nəfər tərəfindən məktəbin ziyarət edilməyən günü yox idi.
Gələnlər saatlarla son siniflərdə otururlar, Seyidin gözəl bir tərzi-tədris ilə verdiyi fars dərslərini dinlərlər; çocuqların cəld və çapuq cavablarilə maraqlanırdılar. Məktəb çocuqları arasında ən çox diqqəti cəlb edən zəki və cəld çocuq Sabir idi.
Bütün yoldaşlarından yaşca kiçik, bədəncə qayət zəif olan Sabir dinc, sakit və olduqca zəki və cəld idi. Nəhayətsiz zəkavətli, məqul və gözəl cavabları ilə çocuq Sabir dinləyənləri heyrətə gətirirdi.
O zaman farsi lisanı Sədinin "Gülüstan" kitabı ilə keçilirdi. Mərhum Seyid Əzim yeri düşdükcə fars lisanındakı parçaların nəzmən tərcüməsini Sabirdən tələb edirdi. Bu mini-mini tərcümələr olduqca gözəl və ahəngdar çıxırdı.
Müəllim Seyid Sabirdə böyük istedadın gizləndiyinə qane idi və onun üçün də müxtəlif və mütəəddil vəsaitlə çocuq Sabirin ruhunda mövcud məşəli yandırmağa çalışırdı. Mərhum Seyid Sabir haqqında yanılmayırmış. Fəqət çocuq Sabirin böyük şairliyinə şahid olmasına vaxtından irəli ölümü müsaidə etmədi. İştə azərbaycanlıların ruhlarından doğan tərənnümləri öz "Hophop" unda avamdan tutmuş ziyalılaradək oxunacaq və anlaşılacaq sadə dillə tərənnüm edən Sabir haqqında pək qısaca xatirə…
"Sabir” kitabı, 1924
Cəlil Məmmədquluzadə
Al gəldi, molla əmi10
I
"Molla Nəsrəddin"in birinci ilinin birinci nömrəsində "Molla Nəsrəddin" şivəsinə yarayan müzhik şeirlərindən bir nümunə çap olunmuşdu: "Lisan bəlası".
Ey dil, dəxi dinmə və sükut et, səni tarı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol və danışma!
və i.a.
Necə ki məlumdur, bu şeiri yazan əsla şair deyildi. Bu bir nümunə idi ki, bunu birinci nömrədə dərc etməkdə biz həqiqi "Molla Nəsrəddin" şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sijimqulunu axtarırdıq.
Bir tərəfdən birinci nömrəmizi şeir babətindən yarımçıq buraxmaq istəmirdik və digər tərəfdən də Sabirin və Məşədi Sijimqulunun dünyada varlığından xəbərdar deyildik. Əlimizdə də bu bir neçə yalançı şeir parçalarından qabil bir şey yox idi.
Ancaq bunu deyə bilərik ki, öz-özlüyündə naçiz bu şeirlər çox böyük nəticəyə səbəb oldu: Şirvan torpağında, qazı Hacı Məcid əfəndi kimi canavarın qorxusundan sabun tiyanı dalında gizlənən Ələkbər Sabirin əlinə "Molla Nəsrəddin"in həmin birinci nömrəsi çatır, oxuyur.
– Pəh, pəh, pəh! Maşallah! Qələmi ver mənə, ay arvad, sən də qapıları bərk bağla! Məni soruşan olsa, de ki gedib sabun satmağa. Məbada Hacı Məcid əfəndinin müridləri və qoçuları xəbərdar olalar! Yoxsa məni səngsar edərlər. Al gəldi, Molla əmi:
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvü-hədyan oxumaqdan,
İncəldi uşağım!
Ağlın aparıb bəs ki, baxır gündə qarayə,
Yarəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb indi duayə,
Tədbir elə, övrət!
və i.a.
Yenə:
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi!
Hə! Necə oldu "Molla Nəsrəddin"in "Lisan bəlası"nın şairi?
Səsini xırp kəsdi və kəsməkdən savayı özgə bir əlacı yox idi. O səbəbə ki, Sabir mərdi-mərdanə özünü tulladı "Molla Nəsrəddin" meydanına və elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi ki, hətta bəlkə özünə bərabər olan Məşədi Sijimqulunu da xeyli bir vaxt sükutda saxladı və elə yadıma gəlir ki, Sabirin "Molla"-da zühurundan ta il yarıma qədər Məşədi Sijimqulunun mənzum əsəri idarəmizə gəlib çatmadı.
"Sijimqulunaməyə” müqəddimədən, 1927
II. Sabir barəsində xatiratım
"Molla Nəsrəddin" məcmuəsi 1906-cı ilin aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığım eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.
Sabirin birinci şeiri idarəmizə haman vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.
Belə məlum olur ki, qiymətli şairimiz yeddinci nömrədə "Niyə mən dərsdən qaçdım" sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına haman kinayəli cavabı yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik:
Ol gün ki sənə Xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!..
Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri düşübkən, lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və hər "Hophopnamə"yə daxil olan "Millət necə tarac olur-olsun, nə işim var"adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm:11 Əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü, necə ki şeir ustaları mülahizə edə bilər – bir qədər zəifdir və bəhər surət Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görünmür. Mənim haman nəzəriyyəmin əksini bircə şairin dəst-xətti təsdiq edə bilər, əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur.
Necə ki yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq və haman söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir yoldaşım Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb edir və bəlkə də o məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş zənn edir.
Demə o, söyüş əvəzində haman dəyərli mənzumə imiş:
Ol gün ki sənə Xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!..
Bəli, çap elədik, ancaq bəs bunu yazan kim? Ay yoldaş Faiq, niyə qaçdı o zalım oğlu, kimdir onu göndərən? (Çünki əsər imzasız idi, "Hophop"imzasını idarəmiz qoydu).
Aha! Bir-iki həftə keçməmişdi, haman naməlum oğlan yenə mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu dəfə də paketin içindəki sovqat – atanın dərs oxuyan oğlundan gilayıdır:
"Bilməm nə görübdür bizim oğlan oxumaqdan"ki, məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur.
"Aman günüdür, Faiq yoldaş, tap o zalım oğlunu". "Taparam, taparam, səbr et, yoldaşım, bir də gəlsə buraxmaram".
Elə ki bir həftə də ondan sonra haman oğlan yenə o minval ilə əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda, yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni bazarında şamaxılı Şeyxovların xəlçə mağazasına.
Şeyxovlar qabaqca mətləbi açmaq istəmirlərmiş, ancaq Ömər Faiqin təkidi ilə məsələni açırlar – ancaq bu şərtlə ki, söhbət buradaca qalsın.
Demək, biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən "Molla Nəsrəddin"də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq istəyirdi və xeyli bir zaman elə də olur və bu səbəbdən də bizim ona verdiyimiz "hophop" təxəllüsünü sonralar özü dəyişib müxtəlif imzalar qayırdı.
Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq istərdik.
Sabir bu təxəllüs altında bizim şairimiz deyil, Sabir – eyni səbr və təhəmmül sahibi – dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyətinə mütəhəmmil olub yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir.
Biz, necə ki ərz olunub, Mirzə Ələkbər Sabir təxəllüslü şair bilmirdik. Onun üçün də "Hophopnamə" kitabında Sabirin "Sabir" təxəllüsü altında yazılarının dərcini görəndə ona əfsus etdik ki, "Daş qəlbli insanları neylərdin, ilahi"kimi bir mənzuməyə (səhifə 174)12 Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub (313-cü səhifə).
Onun üçün mən həmən vaxt "Sabir" ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmayır və qızılgül tikansız bitməyir? Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, "Hophop"kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək.
"Sabir kütübwanasının 10 illiyi" kitabı, 1929
Əli Nəzmi13
Xatirələrimdən
"Molla Nəsrəddin" məcmuəsi nəşrə başlamış və beş-altı nömrə yayılmışdı.
Bir gün Ömər Faiq mətbəədə çalışarkən ("Molla Nəsrəddin" in idarəsilə mətbəə bir yerdə deyildi, araları çox uzaqdı) mətbəəyə bir çocuq gələrək kiçik bir məktub təqdim etmiş və dərhal qayıdıb getmişdi. Bu kiçik çocuq tərəfindən təqdim edilən məktub Faiqi dərhal maraqlandırdı. O, məktubu açdı və heç gözləmədiyi bir halda məktubun gözəl, səlis və həzli bir parça şeirdən ibarət olduğunu gördü. Faiq çocuğu axtardı, çocuq yox idi. Mətbəədən bayıra atıldı, fəqət çocuq harada… o çoxdan getmişdi.
Bəs necə olsun? Şairi necə tapmalı? Çox düşündükdən sonra gələn həftəni gözləməyi və haman postaçı çocuq bir də gələrsə, onun vasitəsilə şairi tapmağı qət edirlər.
Şeiri sevə-sevə çap edirlər. Şairin özü imza atmadığından imza yerində "Hophop" qoydular.
O biri həftə yenə Faiq mətbəədə çalışırkən, naməlum postaçının gəldiyini gördü. Uşaq məktubu təqdim edən kimi yenə qayıdıb getmək istədi. Artıq Faiq fürsəti fövtə verməyərək uşağı təqibə başladı. Ən axırda uşaq bir ticarətxanaya daxil oldu. Faiq də onun arxasınca içəri girdi. Faiqin əski dostu olan maarifpərvər Şamaxı tacirlərindən Səmədov14, Faiqi görər-görməz ayağa qalxıb onu məmnuniyyətlə qarşıladı. Onlar çoxdan bəri görüşmədiklərindən bu təsadüfdən çox şad oldular.
Səmədov üzünü Faiqə tutaraq dedi:
– Nə əcəb ticarətxanaya təşrif buyurmusunuz?
Faiq indicə ticarətxanaya girən çocuğu göstərərək, onun kim olduğunu və məcmuə üçün gətirdiyi şeirlərin kim tərəfindən yazıldığını bilmək istədiyini söylədi.
Səmədov gülərək dedi:
– Bu uşaq bizim uşaqlardandır. Şeirlər isə Şamaxılı şair Mirzə Ələkbər Sabir Tahirzadənindir. Özünüzə məlum olduğu kimi Şamaxı bir mövhumat yuvasıdır. Buranın molla və əfəndiləri bütün ruhani qisminin ən mürtəcelərindəndirlər. Sabir çox qorxduğundan məcmuəyə yazdığı məktubları idarənin adresinə yaza bilmir, qorxur ki, bəlkə postaxanada da Hacı Məcid əfəndinin müridlərindən olar və Sabirin "Molla Nəsrəddin"adresinə məktub göndərdiyini görüb Hacı Məcid əfəndiyə xəbər verər. Buna görə Sabir məktubları bizim adresimizə göndərir. Çünki bizim adımıza göndərilən məktublar Şamaxıda ruhanilərin və onların müridlərinin nəzər-diqqətini cəlb etmir.
Bundan sonra "Molla Nəsrəddin" idarəsi arasıkəsilmədən, hər həftə Sabirdən şeirlər alırdı. Bu şeirlər məcmuədə çap olunduqda məcmuənin alıcıları çoxalır, tirajı da artırdı. Buna görə də "Molla Nəsrəddin" idarəsi Sabirə çox az bir zəhməthaqqı – ayda onca manat pul göndərirdi. Bu pul Səmədov vasitəsilə ona çatdırırdı.
Sabirin şeirləri və yaradıcılığı barədə yazmayacağam. Onun əsərlərini oxumayan və onu tanımayan yoxdur.
Sabir xəstələnib müalicə üçün Tiflisə gələndə Mirzə Cəlil onu öz evində qonaq saxlayırdı… Möhtərəmə Həmidə xanım (Mirzənin rəfiqəsi) üç-dörd yüz manata qədər hörmətli şairimizə xərc qoymuşdu.
Mirzə Cəlil gülə-gülə söhbət edir və deyirdi: "Bizim evimizdə əvvəllərdə də səliqə yox idi. Sabir evdə xəstə yatanda da biz ona, çox sevdiyi çayı belə səliqə ilə və doyunca yetirə bilmirdik. Ona görə bir gün çox çaysız qaldığından belə zərifanə bir beyt inşad edərək oxudu:
Molla samavarından dərda, həzar dərda,
Bir istəkanı indi, bir istəkanı fərda.
Ey… kaş Sabir indi yaşayaydı, qayğıkeş firqəmizin və hökumətimizin şairlərə və ümumiyyətlə yazıçılara necə qiymət verdiyini görəydi.
"Ədəbiyyat qəzeti”, № 18. 16 iyul, 1936
Həmin şəkil "Molla Nəsrəddin" jurnalının 1908-ci il, 26 may tarixli 21-ci nömrəsində çap olunmuşdur. Üzərində "Şamaxıda Seyid Əli ağanın qəbri-şərifi" sözləri yazılmış qəbri bir qadın qucaqlamışdır. Şəklin altında isə aşağıdakı beyt verilmişdir:
Qurban olum, qəbir sənə,Bizə də bir uşaq versənə!
[Закрыть]
Bepul matn qismi tugad.