Kitobni o'qish: «Göyçək Fatmanın nağılı»
Göyçək Fatmanın nağılı
Azərbaycan nağılları
GÖYÇƏK FATMANIN NAĞILI
Biri var idi, biri yox idi, qədim zamanlarda bir qız var idi, adı da Fatma idi. Bu qız o qədər gözəl idi ki, ona Göyçək Fatma deyirdilər. Fatmanın öz anası rəhmətə getmiş, atası ayrı bir arvad almışdı. Fatma ögey ananın əlində qalmışdı. Ögey ana Fatmayla çox pis rəftar edir və deyirdi ki:
– İlanın acığı yarpızdan gedən kimi, mənim acığım, ay qız, səndən gedir. Səni görməyə gözüm yoxdu.
Səhərdən axşama hər nə iş olsaydı, Fatmanı gördərərdi. Bu arvadın qabaqkı ərindən bir qızı vardı ki, özüylə Fatmagilə gətirmişdi. Arvad öz qızına təmiz paltar geydirər və qoymazdı əlini ağdan qaraya vursun. Şam vaxtı bir az quru çörək qoyardı Fatmanın qabağına və deyərdi:
– Burnundan gəlsin.
Amma öz qızına plov bişirərdi. Fatmanın atası qorxaq və arvadağız kişi idi. Bunların bir sarı inəkləri var idi. Bu inək Fatmanın anasının yadigarı idi.
Bir gün ögey ana Fatmaya bir az pambıq, bir az da kəpəkli çörək verib dedi:
– Bu da naharın, apar pambığı əyir, sarı inəyi də çöldə otarginən.
Fatma sarı inəyi götürüb getdi çölə, məşğul oldu pambıq əyirməyə. Birdən güclü yel əsib pambığı Fatmanın əlindən qapıb apardı. Fatma düşdü pambığın dalınca, dedi:
– Yel baba, qapazlarına qurban olum, mənim pambığımı aparma.
Yel pambığı aparıb, bir qarı arvadın evinə saldı. Bu dəmdə Fatma yetişdi, dedi:
– Nənəcan, yel pambığı gətirdi sənin evinə, icazə ver, götürüm, aparım.
Qarı dedi:
– Bərəkallah, qızım, sən nə ədəbli qızsan! Gəl, mənim başıma bax, gör, mənim başım təmizdir, ya sənin ananın başı.
Fatma baxıb gördü, qarının başı təmizdi, dedi:
– Sənin başın təmizdi.
Qarı dedi:
– Mənim kilimimin altına bax, gör, mənimki təmizdir, ya sənin ananın kiliminin altı.
Fatma baxıb gördü ki, kilimin altı bör-böcəklə doludu. Amma demədi.
– Sənin kiliminin altı təmizdi.
Qarı dedi:
– Al, bu sənin pambığın, gedərsən, qabağına bir ağ su gələr, ağ suda çimərsən, sonra qara su gələr, qara sudan başına və qaşlarına yaxarsan, bir də qırmızı su gələr, qırmızı sudan dodaqlarına çəkərsən. Dalda eşşək anqırsa, dönüb dalına baxmazsan.
Fatma dedi:
– Baş üstə.
Gəldi, gördü sarı inək qalan pambıqları kələf edibdir. İnəyi götürüb getdi. Fatma gördü ki, qabağında üç cür su vardır. Fatma qarının dediklərinə əməl elədi, oldu on dörd gecəlik ay: gözəlliyi birə dörd artdı.
Fatmanın ögey anası gördü ki, Fatma gec gəldi. Durdu, çıxdı yola, gördü, Fatma gəlir, nə gəlir, gözəlliyi yolu bürüyüb. Ögey ana az qaldı, paxıllığından bağrı çatlasın. Fatmanın başına bir yumruq vurub dedi:
– Torpaqlar səndən uca olsun, niyə gec gəldin?
Fatma başına gələn macəranı danışdı. Arvad öz-özünə dedi: “Sabah öz qızımı göndərərəm inəyi aparar”.
Səhər açıldı. Arvad durub plov bişirdi, bir az da pambıq verdi öz qızına. İnəyi də çıxartdı ki, aparsın çölə. Arvad qızına dedi:
– İnəyi apar, Fatma aparan yerə.
Qız getdi, inəyi apardı çölə, yatıb yuxuladı. Yel gəlib pambığı götürüb apardı. Qız durub yelin dalınca düşüb getdi, dedi:
– Ay yel baba, qanadların sınsın, mənim pambığımı ver.
Yel pambığı apardı həmin qarının evinə. Qız yetişib dedi:
– Köpək, imansız, mənim pambığımı ver.
Qarı dedi:
– Yaxşı, gəl, otur, qızım, ədəbin olsun, gəl, mənim başıma bax, gör, mənim başım təmizdir, ya sənin ananın başı.
Qız baxıb dedi:
– Ay sənin başına kül olsun! Anamın başı təmizdi.
Qarı dedi:
– Gəl, bu da sənin pambığın, gedərsən, qabağına üç cür su gələcək – ağ, qara, qırmızı. Qara suda çimərsən, qırmızı sudan başına çəkərsən, ağ suyu qaşlarına çəkərsən. Elə ki, eşşək anqırdı, dönüb dalına baxarsan.
Qız qayıtdı, gəldi, gördü qabağına üç cürə su gəlir. Qarı dediyi kimi qara suda çimdi, ağ suyu qaşlarına çəkdi, qırmızı suyu başına tökdü, eşşək anqıranda dönüb dalına baxdı, eşşəyin başı ona yapışdı. Bədəni oldu qap-qara, bir qara itə oxşadı. Gəldi, gördü ki, sarı inək bir iş görməyib. Sarı inəyi götürüb gəldi kəndə. Anası çıxmışdı qızının yoluna, gördü on dörd gecəlik ay əvəzinə bir qara heybətli meymun gəlir. Arvad vurdu başına, huşu getdi. Elə ki huşa gəldi, qızı ilə birlikdə gəldilər evə, Fatmaya kötək vurmağa ki, günah səndədi. Arvad dedi:
– Hər nə varsa, bu sarı inəyin əlinin altındadı.
Arvad özünü vurdu mərizliyə, nıq-nıq nıqqıldadı, üz-gözünə sarı kök sürtüb yıxılıb yatdı. Axşam oldu, kişi gəldi, dedi:
– Arvad, nə işdi?
Arvad dedi:
– Kişi, ölürəm, getdim həkimin yanına, dedilər, tövlədəki inəyin əti sənin dərmanındı.
Kişi dedi:
– Bu ki bir şey deyil, başını kəsərəm, sən yeyərsən.
Fatma ağlayıb dedi:
– Mənim nənəmin yadigarıdı, gəl, bu inəyi öldürmə.
Kişi dedi:
– Olmaz, gərək sarı inəyin başını kəsim.
Fatma gəldi sarı inəyin yanına, dedi:
– Səni öldürəcəklər.
İnək dedi:
– Eybi yoxdu, əvəzində ətim sənin ağzında şirin olacaq, onların ağzında isə zəhər kimi. Fəqət sən sümüklərimi gətirib, mənim axurumda quylarsan, hər işin bərkə düşəndə gəlib mənə deyərsən, mən sənin istədiyini verərəm.
Elə ki sarı inəyin başını kəsdilər, dərisini soyub, ətini bişirdilər, şam vaxtı olanda gətirib tökdülər qablara, qoydular qabaqlarına. Hansı qoydu ağzına, ət oldu zəhər. Amma Fatma ağız ləzzətilə doyunca yedi. Anası öləndən bəri doyunca çörək yeməmişdi. Arvad ətlərin hamısını Fatmanın qabağına qoyub dedi:
– Ye, irin, çirk yeyəsən.
Bir neçə gündən sonra padşah oğlunun toyu idi. Arvad qızını bəzədi ki, aparsın toya. Fatma dedi:
– Ay xanım, elə mən də sizinlə gəlim toya.
Arvad dedi:
– Az danış, ay ağzı yanmış, səni aparsam, abrım gedər, otur evdə.
Xülasə, arvad qızı ilə getdi toya. Fatma gəlib axurda quyladığı sarı inəyin sümüklərini çıxarıb dərdini ona danışdı. Fövri bir ağ at, bir dəst paltar hazır oldu. Fatma paltarı geyib, atı minib, birbaşa toy evinə yola düşdü. Toy yerinə yetişən kimi girdi məclisə. Bütün arvadlar, qızlar, gəlinlər Fatmanın paltarına, gözəlliyinə, uca boyuna mat qaldılar. Fatma dedi:
– Qızlar, icazə versəniz, mən bir az oynayacağam, tez çıxıb gedəcəyəm.
Fatma başladı oynamağa, bir cibi dolu idi gül ilə, bir cibi də dolu idi torpaq ilə. Gülləri səpdi qız-gəlinlərin başına, torpaqları da analığı və onun qızının gözlərinə səpdi.
Fatma qayıdıb çıxdı ağ atın üstünə, gəldi evə, məşğul oldu işləməyə. Elə ki arvadla qızı evə gəldilər, Fatma dedi:
– Həmişə toydan gələsiniz, deyin, görüm nə var, nə yox?
Arvad dedi:
– Vallah, bir on dörd gecəlik aya bənzər qız gəldi, oynadı, gülləri səpdi arvadların üstünə, torpağı da bizim üstümüzə, qayıdıb getdi.
İkinci gün yenə də arvad öz qızı ilə durdu toya getməyə, Fatma dedi:
– Qoyun mən də sizlə gəlim, oynayan qızı mən də görüm.
Arvad dedi:
– Ay ağzına yara çıxmış, lal qal, hər nə bəla başıma gəlir, sənin bədşumluğundan gəlir, otur aşağı!
Fatma narahat olub oturdu. Arvad ilə qızı toya getməkdə olsun. Fatma gəldi sarı inəyin axuruna tərəf, onun sümüyünü çıxarıb dedi:
– Səndən qırmızı at, bir dəst ağ paltar istəyirəm.
Dərhal hazır oldu. Fatma atı minib, paltarları geydi, birbaşa toy evinə sarı getdi. Padşah oğlunun qaravaşları ilə qapıçıları Fatmaya yol verdilər, o da toy məclisinə girdi. Arvadlar Fatmanın paltarına, xüsusən göyçəkliyinə tamaşa elədilər. Fatma elə oturmamış başladı oynamağa. Oynayanda bir dəstə gül qızlara verib bir sıxım torpaq atdı analığı ilə qızının gözünə. Sonra qayıdıb, qırmızı atı minib aradan çıxdı, gəldi evə. Elə ki arvadla qızı gəldilər evə, Fatma dedi:
– Bu gün toyda nə oldu, nə olmadı?
Arvad dedi:
– Dünənki qız bir dəst ağ paltar geyib gəldi toya, oynayıb, bizim gözümüzə torpaq, o birilərin üstünə gül səpdi, qayıdıb getdi.
Üçüncü gün yenə də arvadla qızı toya getdilər. Fatma yenə də sarı inəyin axuruna gedib mətləbini istədi. Bu səfər bir göy dəmir at hazır oldu, üstündə qızıl yəhər, üzəngiləri isə gümüşdən. Fatma bir dəst əlvan paltar, bir cüt qızıl başmaq geyindi, bir cibinə qızıl pul, bir cibinə kül tökdü. Qalxdı atın belinə, toya sarı at çapdı. Yetişdi, qızlar gördülər ki, bir qız girdi içəri. Fatma öz ürəyi istədiyi havayla başladı oynamağa. Cibindən bir sıxma qızıl çıxarıb səpdi qızların tərəfinə, bir sıxma kül də səpdi arvad ilə qızının gözünə. Sonra qayıdıb qalxdı göy dəmir atın belinə. Ayağını üzəngiyə qoyanda başmağının bir tayı düşdü hovuzun suyuna.
Bepul matn qismi tugad.