Kitobni o'qish: «Altı il Dəclə-Fərat sahillərində»

Shrift:

«EŞQİMİ TƏRİFLƏYİB HEÇ KƏSİ ALDATMIRAM…»

Uşaqlıqdan məndə sirli-soraqlı İraq ellərinə qəribə maraq vardı. Bəlkə bu, məşhur «Min bir gecə» nağılları, Xaqaninin «Töhfətül-İraqeyn»i, Koroğlunun «Bağdad səfəri», Vaqifin, Vidadinin «Durnalar»ı ilə bağlı hisslər idi; bəlkə də Füzuli həsrəti, onun nəvə-nəticələrinin, İraqda yaşayan azərbaycanlıların möhnəti idi – bilmirəm. Sonralar İraqda olduğum uzunmüddətli ezamiyyətlər zamanı bu maraq get-gedə artdı, dərinləşdi, məcrasını dəyişdi, əsl məhəbbətə çevrildi. …Yolumuz Napoleonun «dünyanın mühüm ölkəsi» adlandırdığı Misirdən idi. Misirin adını çəkməkdə məqsədim nə dünyanın «yeddi möcüzə»sindən ikisini – dörd minillikdən artıq tarixə malik ehramları və yeni eradan əvvəl tikilmiş 120 metr hündürlüyündə Faros mayakını qoynunda saxlamış bu qədim torpaqdan; nə on milyondan artıq əhalisi və minillik tarixi olan, müsəlman Şərqinin elm və mədəniyyət mərkəzlərindən biri sayılan Qahirədən; nə Misiri «aləmə bəxş edən», onun paytaxtı Qahirəni iki yerə bölən Nil çayının yaratdığı əfsanəvi gözəllikdən, nə hələ eramızın əvvəlində bir milyona qədər kitabı olan İsgəndəriyyə kitabxanasından; nə də yerin yuvarlaq şəkildə olmasını göstərən, onu ölçərkən yalnız 50 kilometr səhvə yol verən Eratosfen, yerin günəş və öz oxu ətrafında fırlanması mülahizəsini irəli sürən Aristrax Samoskiy kimi dahi oğullarından danışmaqdır.

Misir dünyada mədəniyyətin yarandığı ilk iki ölkədən biridir. Təbii ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan, bəşəriyyət tarixinə neçə-neçə unudulmaz səhifələr bəxş edən bu ölkə haqqında çox deyilib, çox kitablar yazılıb. Odur ki, burada məqsədim yalnız Füzuli ilə bağlı nakam məhəbbətdən söz açmaqdır.

… Biz Qahirənin mərkəzində Nil çayı sahilində «Ska- rabi» mehmanxanasında qalmalı idik. Sovet mütəxəssislərinin pasportlarını yığıb mehmanxana işçisinə yaxınlaşdım. O mənim Azərbaycandan olduğumu görüb fikrə daldı… Haçandan-haçana özünə gələn Məhəmməd kişi (onun adını sonra öyrəndik; 50-55 yaşlarında mehriban bir adam idi) dedi ki, üç il bundan əvvəl üç nəfər azərbaycanlı İraqa Füzulinin qəbrini ziyarətə gedirdilər. Qahirədə olanda oğlum Abbasla dostlaşdılar. Füzulinin yubiley medalını oğluma bağışladılar.

Mən mətbuatdan Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraqa getdiyini bilirdim. Mərhum şairimiz Rəsul Rzanın «Uzaq ellərin yaxın töhfələri» məqaləsini «Azərbaycan» jurnalında oxumuş, Füzuli kədərinə, onun Kərkük mahalında məskən salan nəvə-nəticələrinin həsrətinə ürəkdən acımışdım da.

Mən ondan Abbası çağırmasını xahiş etdim. Dərindən köks ötürdü; İki ay bundan əvvəl oğluma toy etməyə hazırlaşırdım. Bizim adətə görə, evlənən gənc toydan sonra 3-7 gün evdən çıxmır, dostları, yoldaşları ilə görüşmür. Toya bir gün qalmış isə vaxtını bütünlüklə onlarla keçirir. Oğlum da dostları ilə şəhər ətrafına getmişdi. Kor olsun taleyin gözü, qəzaya düşüb həlak oldu…

O gecə yata bilmədim. Məhəmməd kişinin dərdi mənə bir dərd olmuşdu. Övlad-uşaqla bağlı fikirlər mənə rahatlıq vermirdi: – «Uşaq kiçik olanda adamı yatmağa, böyüyəndə isə yaşamağa qoymur», – «Həyat insana verilmiş borcdur. – İnsan borcunu o vaxt qaytara bilir ki, onu böyüdüb boya-başa çatdırdıqları kimi, o da övladlarını böyüdüb boya-başa çatdırsın…»

Elə bil yerimə qor dolmuşdu. Gözümü yuman kimi qarışıq yuxular görürdüm. Hansı müdrikinsə dediyi: «Dünyada ən ağır, ən fəlakətli şey odur ki, bir evdə məsləhət verəcək bir ahıl və o məsləhəti yerinə yetirəcək bir gənc olmasın» kəlamı ürəyimə dinclik vermir, məni yazıq Məhəmmədin evinə aparıb çıxarırdı. Bu gözəl xanimanda bir səs-küy yox idi. Dərin sükut hökm sürürdü. Elə bil kimsə divar arxasından aramla, sakit-sakit təkrarən deyirdi: «Uşaqlı ev bazardı, uşaqsız ev məzardı».

Səhərisi gün bu ağır dərdi də Füzuli dərdinə, Füzuli kədərinə, Leyli ilə Məcnunun nakam məhəbbətinə qataraq şairin əbədi uyuduğu müqəddəs torpağa, onun dillər əzbəri olan paytaxtı Bağdad şəhərinə yola düşdüm. Təyyarədə xəyal məni qanadları üstünə alıb uzaq keçmişlərə aparmışdı. Bəşəriyyətin ən böyük kəşfi kitab haqqında kimsə deyib: «Kitabı əvvəllər oxuyardılar ki, düşünsünlər, ağı qaradan, yaxşını pisdən seçsinlər. Dövranın gərdişini anlasınlar. İndi isə kitabı düşünməmək, vaxtı öldürmək naminə oxuyurlar». Bu fikirlə razılaşmayaraq İraqa hazırlaşdığım son bir ildə həmin ölkə haqqında oxuduğum qalaq-qalaq kitabları bir daha xəyalən nəzərdən keçirdim.

… Qədim dünya mədəniyyəti yeni eradan dörd min il əvvəl Misir və İraq ərazisində meydana gəlmişdir. Şumerlər bu ərazidə yazıdan istifadə edərək ədəbiyyat və incəsənət nümunələri yaratmışlar. İlk yazı, ilk kotan, ilk təkər, suvarma şəbəkələri, ilk memarlıq abidələri, ilk təqvim, səmanın ilk xəritəsi, ikiməchullu tənliyin həlli və s. babillilər, assurilər, xaldeylərin vaxtında meydana gəlmişdi.

Babillilər göy cisimləri üzərində müşahidə aparıb Günəş və Ayın nə zaman tutulacağını əvvəlcədən deyə bilirdilər. İli aylara, ayları həftələrə, həftələri günlərə, gecə-gündüzü saatlara, saatları dəqiqələrə bölmək də onlara qismət olmuşdur.

Sənətkarlar mis, qızıl, sonra isə tunc emal etməyi hələ bizim eradan əvvəl IV minillikdə öyrənmişdilər. Bu ölkənin yun parçası onun hüdudlarından çox-çox uzaqlarda da şöhrət qazanmışdı. Yeni eradan 1800 il əvvəl böyük istilaçı hökmdar Hammurapinin zamanında 120 maddədən ibarət ilk «qanunlar məcəlləsi» burada yaradılmış və daş üzərində həkk olunmuşdu. Babil həkimləri insanın anatomiyasını və bir çox otların müalicə xüsusiyyətlərini gözəl bilirdilər. Onlar mürəkkəb cərrahiyyə əməliyyatlarının öhdəsindən gəlirdilər. Dünyanın yeddi möcüzəsindən biri burada idi.

Birdən fikirdən ayrıldım. Diksinən kimi oldum. Həyat nə qəribə imiş… Əsrlər boyu bu qədim diyarın mədəni irsindən bütün aləm bəhrələndiyi halda, indi İraq inkişaf etməkdə olan ölkələr sırasındadır.

S.Vurğunun sözləri yadıma düşür: «Cahanda hər hökmü bir zaman verir».

Nədənsə gözlərim önünə Makedoniyalı İsgəndərin zəfərli yürüşləri, dünya mədəniyyətinə Homerləri, Ərəstunları, Sokratları, Arximedləri, Hippokratları bəxş edən Yunanıstan gəlir. Onun bu günü haqqında düşünürəm. Bir daha özüm üçün «kəşf» edirəm ki, mədəniyyəti məhv edən, xalqın mənliyini heçə endirən daxili çəkişmələr, dağıdıcı müharibələr, ölkənin yadellilər tərəfindən viran edilməsi, xarabazarlığa çevrilməsi imiş. Tarixin təlatümlərinə düşərək əldən-ələ keçmiş, talan olunmuş, soyulmuş, geri qalmış Mesopotamiyanın halına acıyıram.

Xəyal məni yenə ağuşuna alıb ünyetməz vaxtlara, yeni eranın əvvəllərinə – ərəblərin Mesopotamiyanı tutduğu çağlara aparır.

Bu, 637-ci ildə xəlifə Ömərin vaxtında olmuşdu. Sasanilərin zəifləməsindən istifadə edən Ömər Mesopotamiyanı tutur. Daxili çəkişmələr ölkənin daha da geriləməsinə səbəb olur. 644-cü ildə Ömər öldürülür və hakimiyyət başına Osman gəlir. Lakin onun da xəlifəliyi uzun sürmür. 656-cı ildə Osman da öldürülür və Əli icma tərəfindən xəlifə seçilir. Onun vaxtında bütün Mesopotamiya ərəblərə tabe edilir, Əli hətta İraqın cənubunda 636-cı ildə əsası qoyulan və indi də mövcud olan Kufə şəhərini paytaxt elan edir.

Lakin 661-ci ildə Kufə şəhərində Əli də öldürülür. Suriyada hakimiyyət başında duran Əməvilər nəslindən olan Müaviyə Kufədə özünü xəlifə elan edir. Bundan sonra xəlifə icma tərəfindən seçilmir, taxta varis kimi gəlirdi.

Əməvilər sülaləsi 661-750-ci illərdə hakimiyyətdə oldu. Paytaxt Şam şəhəri idi. Mesopotamiyada yerli hakim gah Kufədə, gah da Bəsrədə otururdu.

Lakin 749-cu ildə Mesopotamiyada Abdulla Əbdül Abbas xəlifə elan edildi. O, Əməvilərə tabe olmaqdan boyun qaçırdı. Gələcəkdə çox güclənəcək Abbasilər sülaləsinin əsasını qoyan xəlifə 754-cü ildə vəfat etdi və onun yerini qardaşı Abu Cəfər tutdu. Çox keçmədi ki, Abu Cəfər özünü gözəl siyasətçi və dövlət rəhbəri kimi göstərdi. Xalq arasında ona Əl-Mənsur – «Qalib» ləqəbi verdilər.

BAĞ YERİ BAĞDAD

Ərəblər Mesopotamiyanı tutanda onların mədəni səviyyəsi yerli əhalinin səviyyəsindən aşağı idi. Buna baxmayaraq Mənsurun vaxtında ərəblər nəinki biliklərini artırdılar, hətta özlərinin zəngin mədəniyyətlərini yaratdılar.

Mənsurun gördüyü diqqətəlayiq işlərdən biri də Bağdad şəhərinin əsasını qoyması oldu. Mənsurun fikrincə ölkənin paytaxtı dörd əsas şərtə cavab verməli idi: ölkənin mərkəzi hissəsində yerləşməli; iqlim şəraiti qızdırmaya səbəb olmamalı; onunla rəqabət aparan şəhərdən kənar olmalı; ən başlıcası isə gəmiçilik üçün yararlı böyük çay üzərində salınmalı idi.

Mənsur bu tələblərə cavab verə biləcək yer tapmaq arzusu ilə bir neçə dəfə ölkəni başdan-başa gəzir və nəhayət, Bağdad üzərində dayanır. Bu yer ərəblərin işğalından əvvəl də məlum idi. Burada at yarmarkaları təşkil edər, at alıb-satardılar.

«Bağdad» sözünün mənşəyi barədə müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar deyirlər ki, «Bağdad» İran dillərinin birində «tanrı payı», başqaları isə təsdiq edirlər ki, «bağ yeri» mənasında işlənir…

Ərəb tarixçisi Ət-Təbəri (838/839-923) yazır ki, Mənsur paytaxt üçün niyə məhz buranı seçdiyini belə izah edirdi: «Bura hərbi baxımdan misilsizdir. Bundan əlavə, buradan Dəclə çayı axıb keçir. O bizə bir çox uzaq ölkələr, hətta Çinlə əlaqə saxlamağa imkan verəcəkdir. Dənizdə nə varsa bu çay vasitəsilə əldə edəcəyik. Bu çay vasitəsilə Mesopotamiyadan və qonşu ölkələrdən ərzaq alacağıq. Bir yandan da bu, Fərat çayı vasitəsilə Suriya və başqa ölkələrdən lazım olan şeyləri gətirməyə imkan verir».

Yeni eranın 762-ci ilində Mənsur Bağdad şəhərinin təməl daşını öz əli ilə qoyur. Onu dörd ilə tikirlər. Şəhərin salınmasında yüz mindən çox adam iştirak etmişdir. Divarları ikiqat düzəltmiş, sonra dərin xəndək qazmış, ondan sonra bir divar da hörmüşlər ki, düşmənin hücumunu dəf edə bilsinlər. Divarların hündürlüyü 17 metri keçirdi. Şəhərin dörd giriş qapısı olub. Xəlifənin sarayı şəhərin mərkəzində inşa edilib. Giriş «Qızıl darvazalar»dan imiş, Tikinti doqquz milyon dinara1 başa gəlir. Mənsur şəhəri həm inşaat materiallarına qənaət, həm də müdafiə məqsədilə dairəvi tikdirmişdi. Buna görə də onu «Əl-Mədinə əl-Müdəvvara» – «Dəyirmi şəhər» adlandırırdılar. Xəlifə Məmunun vaxtında isə Bağdad «Mədinət əs-Səlam» – «Sülh şəhəri» adlanırdı. Lakin şəhər ilk adını bu gün belə saxlamaqdadır.

Tezliklə Bağdad ticarət və elm mərkəzi kimi şöhrətlənir. Hər yandan bura alim, şair, loğman, musiqiçi və müğənnilər axışıb gəlirlər. Müsəlman aləmində ilk əczaxana və şəfaxanalar bu vaxt Bağdadda açılır. Müalicə ilə məşğul olmaq istəyən həkimlər xüsusi imtahan verdikdən sonra işə başlaya bilərdilər. Səkkizinci əsrin sonunda Bağdadda kağız emal edirdilər (Müqayisə üçün deyək ki, Avropada ilk kağız emalı fabriki eramızın 1160-cı ilində işə düşmüşdür).

Harun ər-Rəşidin vaxtında Bağdad daha da çiçəklən- mişdi. Uzun illər hakimiyyət başında olan Harun ər-Rəşid (787-809) onun şöhrətini göylərə qaldırdı. Bağdad elm və mədəniyyət mərkəzi oldu. Bunu «Min bir gecə » nağılları da təsdiq edir. Ensiklopedik biliklər məcmusu olan bu nağıllardan çox şey əxz etmək olur. «Təvəddüdün əhvalatı» nağılından götürdüyümüz kiçik bir parça dediklərimizə misal ola bilər: Zahiri nişanələr batindəki xəstəliyə dəlalət eləyir. Gözün sarı olması sarılıq xəstəliyini, kürəyin donqarlanması ciyər xəstəliyini göstərir. Xəstəliklərin daxili əlamətlərlə müəyyən edilməsi altı əsasa görə olur: xəstənin hərəkətlərinə, ifraza, ağrıya, ağrının yerinə, şişə və köməkçi əlamətlərə görə.

Məsələn, başağrısına səbəb nədir? – Bir yemək həzm olunmamış üstündən ikincisini yemək, dalbadal toxluq eləmək. Kim ki istəyir dünyada çox yaşasın, gərək erkən nahar eləsin, şam yeməyini gec yeməsin. Gərək o, qarnını üç hissəyə bölsün: bir hissəsini yemək üçün, bir hissəsini su üçün, bir hissəsini də nəfəs üçün ayırsın. Çünki hər bir xəstəliyin kökü yeməyin həzm olunmamasındadır. Yeməyi xırda tikələrlə yemək lazımdır. Hamama gərək tox qarına getməyəsən. Şərabın zərəri də var, xeyri də. Ancaq zərəri xeyrindən çoxdur. Çünki insanın ağlını alır. O ki qaldı şərabın xeyrinə, o da budur ki, böyrəkdə daşı əridir, bağırsağı bərkidir, insanı dərddən-qəmdən ayırır, mərdlik gətirir, gümrahlıq verir, yeməyi həzm eləyir, canı sağlamlaşdırır, əzalardan azarı çıxarır, bədəni zəhərli mayelərdən təmizləyir, sevinc və şadlıq gətirir, sidikliyi möhkəmlədir, qara ciyəri bərkidir, sifəti allaşdırır, başı-beyni təmizləyir, saçı ağarmağa qoymur və s.

Xəlifə Məmunun vaxtında Bağdadda «Beyt-ül-hikmə»

– «Hikmət ocağı» yaradılmışdı. Akademiyadan heç də fərqlənməyən «Hikmət ocağı»nda kütləvi kitabxana, rəsədxana fəaliyyət göstərirdi. Burada adlı-sanlı alimlər, mütəfəkkirlər, şairlər, riyaziyyatçılar, münəccimlər, loğmanlar, musiqiçilər, müğənnilər cəmləşmişdilər. Tarixçi Yaqut əl-Həməvi (1179 – 1229) göstərir ki, 891-ci ildə Bağdadda yüzdən artıq kitab mağazası vardı. Bağdad sənətkarları və memarlarının şöhrəti hər yana yayılmışdı. Odur ki, onları başqa ölkələrə də dəvət edirdilər. Yazılı mənbələr göstərir ki, 922-ci ildə Bağdaddan Volqa sahillərinə beş min nəfərdən ibarət böyük nümayəndə heyəti gəlmişdi. Onların çoxunu memar, bənna və başqa sənətkarlar təşkil edirdi («Sovetskaya Rossiya», 13 sentyabr 1974-cü il).

Bağdadda şeirə, sənətə böyük qayğı və hörmət bəsləyirdilər. Bunu vaxtilə Mesopotamiyanı ziyarət etmiş Ə. Xaqani dərindən duymuşdu:

 
İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simü zər.
Orada şairə qiymət verən var,
Xəzinəm ləl ilə, gövhərlə dolar.
 

Tarixçilər göstərirlər ki, XI-XII əsrlərdə Bağdadın əhalisi bir milyondan çox idi. Şəhərin gözəlliyi dillərdə dastan olmuşdu. Bağdadı görüb onun gözəlliyinə məftun olmayan, onu tərənnüm etməyən şair tapılmazdı. Böyük Ə. Xaqani də bu gözəllikdən ilham almışdı:

 
Onun hər tərəfi bir gülüstandır,
Nəzəri cəlb edən bağdır, bostandır.
Torpağı çəməndir onun bahar, qış,
Çayların üstündən körpü salınmış.
 

…Bərk taqqıltı məni xəyaldan ayırdı. Təyyarəmiz Bağdad aeroportuna enmişdi.

BAĞDAD BU GÜN

Bəxtə bax ki, ölkəyə Bağdad şəhərinin min iki yüz illiyinin bayram edildiyi gün gəlmişdik. Dövlətin qərarına əsasən üç gün rəsmi bayram elan olunmuşdu. Şəhər al-əlvan bəzədilmişdi. Elə bil çilçıraqban içərisində alışıb yanırdı. Mən o axşam və sonrakı iki gün Bağdadda gördüyüm şənlikləri, çıraqbanları, çal-çağırı sonralar heç bir ölkədə görmədim. Küçələrdə böyük-kiçik, qoca-cavan, qadın-uşaq əlindən tərpənmək olmurdu. İynə atsan yerə düşməzdi. Özümü sözün həqiqi mənasında nağıllar aləmində hiss edirdim.

Misirdə bizə demişdilər ki, Qahirə ilə müqayisədə Bağdad kiçik kəndə bənzəyir. Lakin Bağdad gəlin kimi elə bəzənmiş, elə sığallanmışdı ki, ona məftun olmamaq mümkün deyildi. Bu ilk təəssüratım elə qüvvətli idi ki, sonralar zaman da onu unutdura bilmədi. İraqlıların iftixarla dediyi: «Kim Bağdadı görməyibsə, dünyanın ən yaxşı guşəsini görməyib» sözlərini həmişə təkrar etməyə hazıram.

Mən hələ füsunkar Bağdad gecələrini demirəm. Ümu- miyyətlə, bu ölkədə gündüzlə gecə arasındakı anı tutmaq çətindir. Birdən-birə qaranlıq düşür. Bu, Bağdadda da belə olur – səma zil qara, şəhər isə çıraqban. Şəhərin ortasından nazlana-nazlana axıb gedən Dəclə çayında hər iki sahildən düşən işıq bərq vurur, suda əks olunur. Qəribə bir mənzərə, təkrarolunmaz ilahi gözəllik yaranır. Bu gözəllik önündə ovsunlanır, saatlarla gözünü ondan çəkə bilmirsən. Bağdad gecələrinin füsunkarlığını sözlə ifadə etmək çətindir. Bağdad gecələri təbiətin yaratdığı sehrkar bir lövhədir.

Məni Bağdadda, hər şeydən əvvəl, təəccübləndirən və sevindirən bu idi ki, iraqlılar öz xarici görkəmlərinə görə azərbaycanlılardan o qədər də fərqlənmirlər. Qarabuğdayı, qaragöz, qaraqaş, qarasaçlı iraqlıların azərbaycanlılara oxşadıqlarını başqa müəlliflər də qeyd edirlər. 2

Misir, Suriya, Livan və s. ərəb ölkələrində adamın xa- rici görünüşünə görə yerli olduğunu müəyyənləşdirmək çətindirsə, iraqlıları ayırd etmək asandır.

Ətrafı ilə üç milyondan çox əhalisi olan Bağdad Şərqin böyük şəhərlərindən biridir. Burada hər addımbaşı Şərq və Qərb memarlıq abidələrinin çulğalandığını görmək olur, Qəribə tərzdə bir-birini tamamlayan bu abidələr şəhərə xüsusi gözəllik verir.

Bağdadın mərkəzi hissəsi «Təhrir» – «Azadlıq» meydanıdır. Buradan gecə-gündüz maşınlar axın-axın Cümhuriyyə körpüsü ilə Dəclə çayının sağ sahilinə yollanır. Ümumiyyətlə, çayın hər iki sahilini altı körpü birləşdirir, Rəşid, Sədun və Əbu Nəvas küçələri bu meydanda birləşir. Həmin küçələr Bağdadın şan-şöhrətli küçələridir. Rəşid küçəsi əfsanəvi xəlifə Harun ər-Rəşidin adı ilə bağlıdır. 1914-cü ildə salınmışdır. Dəclə çayı boyu uzanıb gedən bu küçə şəhərin mərkəzi küçəsi sayılır. Hər iki tərəfində boy-boy mağazalar yerləşir. Küçənin şimal qurtaracağında isə məşhur Bağdad bazarlarını görmək olar.

Əbu Nəvas küçəsi 1934-cü ildə salınıb. Harun ər-Rəşi- din zamanında şöhrət qazanmış məşhur şair Əbu Nəvasın adını daşıyır. Burada Əbu Nəvasın gözəl heykəli ucalır. Həmin küçədə çoxlu şirkət, dövlət müəssisəsi, diplomatik idarə və müasir tipli mehmanxanalar vardır. Dəclə çayı boyunca uzanıb gedən bu küçəni məşhur edən yalnız restoran, kazino, əyləncə yerləri deyil; o həm də burada bişirilən «məzquf»a görə məşhurdur. «Məzquf» ocaq üzərində qızardılan balıq yeməyidir. Bəzən bizim Lənkəran-Astara zonasında məşhur olan «ləvəngi» kimi bişirilir.

Dəclə sahili, Əbu Nəvas küçəsi axşamlar çox gözəl olur. Cavan qızlar, oğlanlar buraya seyrəngaha çıxırlar. Elə bil Xaqani XII əsrdə deyil, dünən Dəclə sahilində olmuş, Bağdad gözəlini vəsf etmişdir:

 
Dəclə kənarında dünən bir afəti-can görmüşəm,
Həsrət gözlərimdən Dəclə tək axmış qızıl qan, görmuşəm.
 

Əbu Nəvas küçəsindən Dəclə çayı ilə səyahətə çıxırlar. Gəmilər gecəyarıya qədər adamları Dəclə boyu gəzdirir. Cəmisi yarımca saata şəhərin səs-küyündən uzaq Umm əl-Xənazir turist adasına getmək mümkündür. Orada da «məzquf» sifariş vermək olur.

Sədun küçəsi 1922 – 29-cu illər arasında İraqın baş na- ziri olmuş Möhsün əs-Sədunun adını daşıyır. 1929-cu ildə ingilislər onu İraqı İngiltərənin müstəmləkəsinə çevirmək haqqında müqavilə bağlamağa məcbur edəndə camaatın gözü qabağında özünü öldürən Möhsün əs-Sədun indi milli qəhrəman kimi tanınmaqdadır. Yeri gəlmişkən deyim ki, 1963-64-cü illərdə Sovet mütəxəssisləri ilə İraqın cənubunda – Səmavada işləyərkən oranın valisi Saleh Sədunla tez-tez görüşür- dük. Möhsün əs-Sədunun oğlu bizə çox yaxşı münasibət bəsləyirdi.

Möhsün əs-Sədunun heykəli ucaldılan Sədun küçəsinə müasir imarətlər xüsusi görkəm verir. Bütün təyyarə şirkətlərinin nümayəndəlikləri, əsas kinoteatrlar, ən yaxşı mehmanxanalar, bahalı restoranlar, gözəl mağazalar və s. bu küçədə yerləşir.

Sədun küçəsində «Kabab Ərbil» adlı kababxana var. Orada İraq azərbaycanlıları gözəl kabab bişirirlər: Ona görə də bu ikimərtəbəli kababxana həmişə adamla dolu olur. Burada yeməyi sifariş edib evə də aparırlar. Yolu İraqa düşən hər bir adam orada Aslan adlı cavan oğlanın məharətinə bələd ola bilər. Adamlar yeməkxanadan çıxdıqca Aslan qapının ağzında kabab haqqını alan kassirə qışqırır: «O qardaş filan qədər verməlidir». Adam mat qalır. Bu qədər müştərinin yeməyini və haqqını o necə yadında saxlayır? Kababxana sahibi onu üç nəfərin yerində işlədir və gündə üç dəfə qiymətdə səhv edib-etmədiyini yoxlayır. Deyirlər hələ səhvini tuta bilməyiblər.

Bu mənim yadıma tələbəlik vaxtı Bakıda, «Təzə ba- zar»da olmuş bir hadisəni saldı. Ortayaşlı, gülərüz, bir adam qarpız tığının yanında durub avazla müştəri çağırırdı: «Qarpızlar padşahı, dərdlərin dərmanı çil qarpız məndə; bala, şəkərə qəmzə satan Saday məndə; xırda tumlu, qara tumlu, qırmızı tumlu – hər nə desən var məndə».

Səliqəli geyinmiş bir nəfər ona yaxınlaşıb qıpqırmızı qarpız istədi. Qarpız sahibi «gözüm üstə» deyib tığa göz gəzdirdi. 12-15 kiloqramlıq bir qarpız götürdü: «Bu siz istəyən qarpızdır. Amma o qədər də şirin deyil». Alıcı gülümsündü. Hiss olunurdu ki, satıcının sözlərinə inanmır. Xahiş etdi ki, qarpızı nişanlasın. Doğrudan da, qarpız qıpqırmızı idi. Lakin dadsızdı. Alıcı xahiş etdi ki, ona tumu qırmızı, dadlı bir qarpız da seçsin. Satıcı 5 – 6 kiloqramlıq qarpızı nişanladı. Hamı onun «biliciliyinə» mat qalmışdı. Başqa bir nəfər qara tumlu, içi lalə rəngdə qarpız istədi. Onun da xahişi yerinə yetirildi. Hamı satıcının qabiliyyətinə heyran qalmışdı. Ziyalı isə bikef olmuşdu. Müharibə törədənləri lənətləyərək bildirdi ki, qarpız sahibi vaxtında oxuya bilsəydi bu ağılla nələr et- məzdi?!.

O vaxtdan illər keçsə də, «Kabab Ərbil»də işləyən qan qardaşım Aslanın hərəkətinə göz qoyduqca bacarığına mat qalır, Bakıda «Təzə bazar»da şahidi olduğum yuxarıdakı əhvalatı xatırlayırdım.

Sədun küçəsinin cənub qurtaracağında 1962-ci ildə tikilmiş əzəmətli «Naməlum əsgər» abidəsi ucalır. Əsgərlərin fəxri keşikdə durduğu bu abidəni ziyarət edəndə və ya yanından ötüb keçəndə qəribə bir təzadın şahidi olurdum. Bu abidə ilə üzbəüzdə məscid var. Məscidin həyəti hər vaxt boş, abidənin ətrafı isə izdihamlı olurdu. Bu abidədən bir az o yana «Min bir gecə» nağıllarını əbədiləşdirən «Əlibaba və qırx quldur» memarlıq kompleksi yerləşir.

Bağdad şəhəri son illərin planına əsasən abadlaşdırıl- mağa başlanmışdır. Şəhərin çox hissəsinin yenidən qurulması, piyadalar üçün yeraltı keçidlər salınması, park və idman kompleksləri tikilməsi, uşaqlar üçün əyləncə meydançaları, şəhərdə gediş-gəlişi asanlaşdırmaq üçün Dəclə çayı üzərində daha dörd körpü salınması, hər il 135 min mənzil tikilib istifadəyə verilməsi, Bağdad ətrafında eni 1-3 kilometr olan «göy qurşaq» – meşə zolağı salınması nəzərdə tutulmuşdur. Təəssüf ki, İran – İraq müharibəsi bu planın hərtərəfli həyata keçirilməsinə mane olmuş və indi də olmaqdadır.

Bağdada xüsusi gözəllik verən, müasir memarlığın tə- ləblərinə uyğun, görəni valeh edən binalar şəhərdə çoxdur. Bağdad universiteti, Rafideyn və mərkəzi bankların, Xalq məclisi, Respublika sarayı, Planlaşdırma nazirliyinin binaları, «Bağdad» mehmanxanası və s. belələrindəndir. Bağdadda «Semiramis», «Nasr», «Xəyyam», «Babil», «Atlas, «Qranada» kimi yaraşıqlı kinoteatrlar vardır. Ən gözəl mehmanxanaları «Bağdad», «Xəyyam», «İraq», «Ambasador», «Qilqamış», «Karlton», «Uf» və sairədir. Burada Sədun adına, «Əl-Zəvra», «Opera», «14 iyul» və s. istirahət parkları vardır. «Əl-Xuld», «Əl-Ribat», «Bağdad» və s. teatr və konsert zalları məşhurdur.

Bağdadda 1923-cü ildə əsası qoyulan çox zəngin «İraq muzeyi» fəaliyyət göstərir. Burada ən qədim dövrlərə aid eksponat və şöbələr vardır. Abbasilər sarayı, XIII əsrin əvvəllərində tikilən Müstənsiriyyə məktəb binası, muzeylər və s. kimi Bağdadın tarixini əks etdirən abidələr iraqlıların və əcnəbilərin ən çox ziyarət etdikləri yerlərdəndir.

Bağdadın ən görməli yerlərindən biri də onun üstüör- tülü bazarlarıdır. Bu bazarlar Harun ər-Rəşidin dövründən qalmadır. Ərəblər fəxrlə deyirlər: «Kim Bağdad bazarlarını görməyibsə, demək Bağdadı görməyib». Bağdadın üstüörtülü bazarları bütöv bir şəhərdir. Orada müxtəlif şeylər satılan o qədər dar küçələr var ki, nabələd adam o saat azır. Burada iynə-sapdan tutmuş ən bahalı qızıl və gümüş bəzək və zinət əşyalarına qədər hər şey almaq olur. Bir yanda bəzirgan bazarı, bir yanda papaqçı, başmaqçı bazarı, baqqal, əttar, xalı- xalça bazarı və s.

Bunların içində «Suq əs-Səfafiir» – «Misgər bazarı» xüsusilə fərqlənir. «Misgər bazarı» Harun ər-Rəşidin zamanında çox məşhur olub. Yazılı mənbələr göstərir ki, o vaxt burada üç yüzdən çox misgər emalatxanası olub. Misgərlər hər cür silah, əsgərlərin şücaətini göstərən nişanlar, saray, məscid və yaşayış evlərinin tikintisində istifadə üçün əşya və bəzək şeyləri, qazan, çaynik, səhəng, sini və s. hazırlayırmışlar. Müasir dövrdə hər şey fabrik-zavodlarda istehsal olunduğuna görə misgər bazarı dəbdən düşmüşdür. Onun uzunluğu indi 150 metrdən artıq deyildir.

Misgərlər cərgə-cərgə düzülüb, əsrlərlə bundan əvvəl olduğu kimi, qab-qacaq düzəldirlər. Misgər bazarında çəkic səsindən qulağın tutulsa da, tezliklə buna alışırsan. Lakin sənətkarların üz-gözündən və baxışlarından da hiss olunduğu kimi, misgər bazarında qıtlıqdır. İndi onlarla alveri əsasən turistlər edirlər. Buna baxmayaraq onlar sənətlərindən əl çəkmir; axşama kimi çəkicləri əllərindən düşmür.

Misgər bazarı, xeyli əvvəllər olduğu kimi, yalnız ustalardan hansısa vəfat etdikdə bağlı olur, Bağdadın örtülü bazarının ahəngi pozulur. Örtülü bazar səhər gün çıxandan axşam gün batana qədər açıqdır. Ömrünü-gününü toz-torpaq içində keçirən dükan sahibləri, demək olar ki, təmiz hava görmürlər. Baxışları həsrətli, boz və sarı görkəmli bu adamların xeyir-şərdən, dünyanın gedişindən xəbəri olmur. Onları maraqlandıran yalnız alıb-satdıqları matahın qiymətinin enib-qalxmasıdır.

Hər gün səhər tezdən şər qarışana qədər vaxtını örtülü bazarda keçirən bu adamlar çox yemirlər; havasızlıq və qışda dükanı qızdırmaq üçün işlədilən neft lampası «Ələddin»in iyi iştahlarını pozur. Bir yandan da hiss olunur ki, qənaət edilmiş tikə onlara yeyilən tikədən daha şirin gəlir. Dükanları səliqə-sahmansızlıq və toz-torpaq basır; hər şey, hətta dükan sahibləri özləri də toz-torpaq içində itib-batır. Həyat beləcə keçir… Bir gün qonşu dükançılara xəbər çatır ki, fılankəs də dünyadan köçdü.

Adətən bu dükanlar atadan oğula, oğuldan nəvəyə, nəvədən nəticəyə, nəsildən-nəslə keçir.

Üstüörtülü bazardan başqa, Bağdadda bütün mağazaların vitrinləri var. Onlar elə düzəldilir ki, mağazada olan malların hərəsindən bir nümunə nümayiş etdirməyə imkan versin. Sənə lazım olan əşya və ya paltardan nümunə yoxdursa, mağazaya girib basabas salmağa ehtiyac qalmır. Göründüyü kimi, vitrin yalnız gözəlliyə, estetik zövqə xidmət etmir, eyni zamanda müştərilərin işini asanlaşdırır, vaxt itkisini aradan qaldırır.

Bağdadda demək olar ki, meyvə mağazaları yoxdur. Onları ilin bütün fəsillərində küçələr boyu uzanıb gedən köşklər əvəz edir. Müxtəlif növ alma, armud, üzüm, şaftalı, əncir, nar, limon, naringi, turunc, püstə, badam, qoz, hind qozu, portağal, banan, ərik, gavalı, alça və s. köşkləri bəzəyir. Bu köşklərdə həmişə qarpız və yemiş də satılır. Öz görkəmi ilə adama «gəl-gəl» deyən meyvə köşkləri şəhərə xüsusi gözəllik verir.

Bağdadda nadilər – klublar vardır. Müəllimlər, neftçi- lər, mühəndislər, həkimlər və s. nadiləri. Bunlar bizim mədəniyyət evlərini xatırladır. Nadilərdə kitabxana, oxu zalı, arxiv, televiziya və radio otaqları, şahmat, domino, nərd, stolüstü tennis oynamaq üçün zallar, restoran və s. vardır. Restoran, kazino və barlarda yalnız kişilər işləyirlər.

Ölkədə qiraət salonları, kitabxanalar olduqca azdır. Şagird və tələbələr dərsə açıq havada, çox vaxt yollarda gəzinə- gəzinə hazırlaşırlar. Bağdadda tələbələrə yardım məqsədilə xüsusi məhəllələr açılmışdır. Bunlar da bir növ çayxanadır. Fərq ondadır ki, başqa yerlərdə çay, kofe içə-içə söhbət edir, musiqiyə qulaq asır, domino, nərd və ya şahmat oynayır, vaxt keçirir, bu məhəllələrdə isə yalnız dərsə hazırlaşırlar. Burada çay və qəhvə üçqat baha satılır. İstəyib-istəməməyindən asılı olmayaraq gərək bir şey sifariş verəsən.

Bağdadı gəzdikcə dərindən duyurdum ki, heç bir məlumat şəxsi müşahidəni əvəz edə bilməz. Burada xoşuma gələn məsələlər çox oldu. Onlardan biri də məişət avadanlığı, mebellə əlaqədardır. Mebel əsasən xüsusi yerlərdə adlı-sanlı ustalar tərəfindən düzəldilir. Bizdə dərzilərdə moda jurnalları olduğu kimi, İraqda ustalarda mebel üzrə moda jurnalları olur. Orada bu və ya başqa modanın hansı ölkəyə məxsus olması, həmin modalı mebelin birinci dəfə kimə düzəldilməsi, ölçüsü və s. göstərilir. Müştərinin hər hansı bir mebeldən xoşu gəlirsə müqavilə bağlanır. Beş-altı aya mebel hazır olur. Müqavilənin şərtinə görə əgər sifariş vaxtında yerinə yetirilməsə usta, sifarişçiyə gecikdirilən hər gün üçün cərimə verir. Düzəldilən mebel həqiqətən də çox gözəl və yaraşıqlı olur.

Bununla belə, Bağdadda məni mat qoyan məsələlər də oldu. Burada qışda evləri və idarələri «Ələddin» adlı neft lampaları ilə qızdırırlar. Sobalardan gələn iydən adamın başı ağrıyır, kütləşir. İraq neft hasilatına görə dünyada ön yerlərdən birini tutur. Bu qədər nefti və qazı olan ölkənin paytaxtının belə qazlaşdırılmadığını görəndə istər-istəməz doğma yerlər göz qabağına gəlirdi.

…Qürur hissi ilə doğma kəndim Düzqırıxlını xa-tırlayırdım. 1970-ci ildən Tovuz rayonunda bütün kəndlər qazlaşdırılıb. O cümlədən də mənim kəndim. O kənd ki, hələ 50-ci illərdən bütün evlərində İliç lampaları yanır; telefon və radio şəbəkəsi vardır, kənd artezian və kanal suyu ilə tam təmin edilib. Bunun sayəsində sovxoz ildə on min tondan çox üzüm verir. Adamların güzəranı daha da yaxşılaşır. Xeyli vaxtdır ki, kəndə bulaq suyu da çəkilib. Bu kənddə – asfalt küçələr, ağ kubik daşdan tikilmiş bir-iki mərtəbəli xüsusi evlər, mədəniyyət evi, qonaq evi, şadlıq evi, neçə-neçə mağaza, ikimərtəbəli univermaq, yüz çarpayılıq ikimərtəbəli şəfaxana, texniki- peşə, səkkizillik və onillik məktəblər, idman kompleksi, iki park, hamam, yeməkxana və restoranlar, ikimərtəbəli sovxoz idarəsi, çörək zavodu, elektrik dəyirmanı, iki şərab zavodu, maşın-traktor parkı və s. vardır.

Qərib ölkədə bütün bunlar haqqında düşündükcə adamın ürəyi dağa dönür. Əllinci illərdən doğma kəndimdə kolxoz sədri işləyən Firidun Bağırovun işgüzarlığını da minnətdarlıqla yad edirəm.

O Firidun kişinin ki, kənddə neçə ildir gül-çiçəyinə, səliqə-sahmanına görə «ən gözəl bağ-bağçalı həyət» müsabiqəsi keçirir. Müsabiqənin qalibi pul mükafatı alır. Yəqin buna görədir ki, ilin bütün fəsillərində həyətlər laləzara bənzəyir. Kəndimizin ilk müəllimi Əhməd Axundovun, müsabiqə qalibləri Mahmud Musayev, Əsəd Cəfərov, Ələsgər Nağıyev və başqalarının həyətləri nağıllarda danışılan cənnət guşəsinə bənzəyir…

Məni Bağdadda ən çox təəccübləndirən maşınların çoxluğu və taksi sürücülərinin hərəkətləri idi. Təbii ki, ətrafı ilə birlikdə üç milyondan çox əhalisi olan Bağdadda metro, tramvay və trolleybusun olmaması xüsusi taksi maşınlarının daha da artmasına şərait yaradırdı. Gediş-gəliş çətinləşirdi. Bununla belə, 70-ci illərdə Bağdadda, demək olar ki, nizamlayıcı yox idi. Tez-tez qəza hadisələri baş verirdi. Lakin qəzaların baş verməsinin əsas səbəbi nizamlayıcıların olmaması deyil, sürücülərin çoxunun naşılığı idi. İndinin özündə belə həvəskar sürücü vəsiqəsi almaq çox asandır: hər iki tərəfinə boş neft daqqaları düzülmüş dairədə maşını dal-dalı sürərkən onları yıxmasan imtahandan çıxmış hesab olunursan.

Bağdadın taksi sürücüləri bəlkə də dünyanın ən inti- zamsız və ən bəxtli sürücüləridir. Maşını neçə istəyirlər elə də sürürlər. Harada istəyir əyləyir, adam götürüb düşürürlər. Hətta maşını iki yolayrıcında, körpünün üstündə, yolun ortasında da saxlayırlar. Lakin bu laqeydliklə yanaşı, hərbi maşınlara hər yerdə yol verirlər. Çünki onların sürücüləri daha naşı olurlar.

Taksi sürücüləri ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Yaxınlaşıb xəbər alanda ki, «Məni fılan yerə apararsanmı?», mütləq «ələ-ayni» – «gözüm üstə» deyəcəklər. Elə ki maşına mindin soruşacaqlar:

«O dediyin məhəllə, o küçə Bağdadın hansı rayonundadır?» Onu da qınamalı deyil, çünki burada bizim mikrorayonlarda olduğu kimi, ya əksər küçələrin adı yoxdur, ya da onu heç tanıyan. Gərək özün kömək edəsən, yoxsa uzun müddət axtarmalı olacaq. Elə sürücülər də var ki, nabələd olduğunu bilsə «işin bitdi». Səni gəzdirəcək, gəzdirəcək, sonra iki-üç qat artıq pul alacaq.

Şəhərdə diqqəti cəlb edən məsələlərdən biri də səs-küyün həddən artıq olması idi. Burada maşınların siqnal verməsi qadağan edilməyib. Bağdadda bütün ölkələrdən gətirilmiş hər cür siqnallar vardır. Maşınların səsi gecə-gündüz şəhəri başına götürür. Elə bil sürücülər siqnalın xəbərdarlıq üçün icad olunduğunu yaddan çıxarıblar – ondan özünü göstərmək, başqalarının diqqətini cəlb etmək, polis nəfərini, avtomobil müfəttişini salamlamaq, və ya da elə-belə, kef üçün istifadə edirlər. Ən çox da toy vaxtı maşınların küçələrdən keçərkən verdikləri uzun-uzadı siqnallar qulaqbatırıcı olur.

Gecə namazı vaxtı azan səsi də böyük narahatlıq yaradır. Çünki məsciddə maqnitofon qurur, səsini axıra qədər qaldırırlar. Ondan sonra, elə yuxuya gedər-getməz arabayla neft satanlar çəkiclə tənəkəyə döyərək küçə-küçə gəzir, yatmağa imkan vermirlər. Bundan sonra isə «həlib, həlib» (süd), «tamata, tamata» (pomidor), «fəvaki, partaxal» (meyvə, portağal), «abu ətiq» (cır-cındır), «kamis ətiq» (köhnə köynək) deyə-deyə kiçik arabalarla küçələri gəzənlər gəlirdilər.

Gündüzlər isə küçələrdə əlində radio və ya maqnitafonla özü istirahət edib başqalarının rahatlığını pozan gənclərə tez-tez rast gəlirsən. Elə bir mağaza, yeməkxana tapmazsan ki, orada ya radio, ya maqnitafon, ya da televizorla musiqi bizim bəzi toylarımızda olduğu kimi, var gücü ilə səslənməsin. Musiqiyə o qədər adət ediblər ki, onu eşitməyəndə elə bil nəsə çatmır, nəsə itiriblər. Sanki musiqi ilə yaşayırlar. Ədalət naminə demək lazımdır ki, ərəb melodiyaları, ərəb nəğmələri qəmi, ələmi unutdurur, axıcılığı, şuxluğu və oynaq ritmləri ilə adamı sehrləyir.

Odur ki, böyük-kiçik – hamının kiçik tranzistoru olur. Restoranlarda televizor qoyulub; yeyib-içənlərin kefini daha da durultmağa, onları daha da şənləndirməyə çalışırlar. Az qalıb ki, gözlərini ekrandan çəkmədən nahar etməyə imkan verən, önündə yemək qoymaq üçün sini olan qollu stullar düzəltsinlər. Onsuz da az hərəkət edən, idmanla az məşğul olan iraqlılar XX əsrin bu möcüzəsinin əsiri olmuşlar. Ünsiyyətin, qonaqpərvərliyin, şirin söhbətin, köhnə adət-ənənələrin «düşməni» olan televizoru bir çox Avropa və Amerika evlərində qonaq otağından kənar etdikləri halda, İraqda ona qonaqlıq zamanı da baxırlar.

Burada uşaqların başqa əyləncə vasitələri çox az olduğundan, onlar da vaxtlarının çoxunu ekran qarşısında keçirirlər.. Çox vaxt bu, uşaqların görmə qabiliyyətlərinin zəifləməsinə, əllərini çənəsinə dirəyib uzun müddət televizora baxdıqlarından bəzisinin çənəsinin əyilməsinə, həmçinin dünyagörüşlərinin, tərbiyələrinin korlanmasına gətirib çıxarır. Odur ki, televizoru «üçüncü valideyn» adlandıranlara haqq qazandırmamaq olmur. Televizorun səs-küyü bir yana, insan özü də hiss etmədən onun əsiri olur və bütün işdən-kənar vaxtını ona qurban edir.

Son vaxtlar adamların rahatlığına, səhhətinə mənfi təsir göstərən səs-küyə qarşı mübarizəyə başlamışlar. Radio və televiziya ilə verilişlər təşkil olunur, qəzetlərdə məqalələrlə çıxış edirlər. Jurnalist Cəmil əl-Cəburi «Sadəcə fikir» adlı məqaləsində Fransada baş vermiş bir hadisədən danışaraq göstərir ki, Parisdə ortayaşlı bir qadın avtobusda gedərkən əlində tranzistor olan gənc onun yanında əyləşib rahatlandıqdan sonra radionu ucadan səsləndirir və sərnişinlərin dincliyini pozur. Qadın radionu alıb yerə vurur. Bu, camaatın ürəyindən olur. Hamı onun tərəfini saxlayır. Cavan oğlan qadını məhkəməyə verir. Məhkəmə qadına bəraət qazandırır.

Müəllifin fikrincə, İraqda da səs-küyə qarşı mübarizə aparmaq vaxtı çatmışdır. Səs-küyə səbəb olanlara qarşı ictimaiyyət mübarizə aparmalıdır. Sürücülər, mağaza, yeməkxana, çayxana və toy sahibləri camaatın rahatlığı qeydinə qalmalıdırlar.

«Eybsiz gözəl olmaz» – demişlər. Bütün bunlarla birgə, Bağdad həqiqətən gözəl şəhərdir. Burada adamı valeh edən, şəhərə əfsanəvi gözəllik verən xurma ağaclarının sayı-hesabı yoxdur. Ölkədə olan xurma ağaclarının xeyli hissəsi Bağdaddadır.

Bağdadın xurma bağlarını gördükdən sonra Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun «Bağdad səfəri»ndəki müqayisə və mübaliğəni daha yaxşı duydum: «Koroğlu baxanda gördü Bağdad bağlarında xurmaların sayı var, amma dəlilərin sayı yoxdu».

İraqda yaşayan azərbaycanlıların bayatısı da Bağdad xurmalıqlarından söz açır:

 
Bağdadda xurmalıxlar.
Suda oynar balıxlar.
Nə böylə sevda olsun,
Nə böylə ayrılıxlar.
 

Bağdadın şəninə gözəl sözlər deməkdə məqsədim heç də onu sevdirmək üçün tərifləmək deyil. Buna ehtiyac yoxdur. Həm də Şekspir demişkən:

 
Eşqimi tərifləyib heç kəsi aldatmıram,
Çünki məhəbbətimi kimsəyə mən satmıram.
 

İRAQIN BU GÜNÜNDƏN ETÜDLƏR

Qədim yunanlar İraqı Mesopotamiya – «iki çay arası» adlandırmışlar. Müasir İraqın ərazisi Dəclə və Fərat çayları hüdudlarından kənara çıxsa da, ölkə indi də Mesopotamiya kimi tanınır… Dəclə (1718 km) və Fərat (2300 km) çayları indi də Türkiyə dağlarından baş alaraq gəlir, gah iti, gah da lal axaraq, əkiz bacılar kimi «sallanaraq» bütün ölkədən keçir və Mesopotamiyaya həyat verir.

Ərəb dilində «sahil», «çay sahili» mənasında işlənən «İraq» sözünün də bu çaylarla bağlı yarandığını göstərirlər. İraqın əhalisi 13 milyon nəfərdir. Əhalinin 75 faizi ərəblərdir. Sonra kürdlər, daha sonra isə türkmən adlandırılan azərbaycanlılar gəlir. Ölkədə 250 min xristian və şimalda kürdcə danışan, lakin öz dinləri olan 60 minə qədər yezidi kürd yaşayır.

İraq strateji cəhətdən mühüm ərazidə yerləşir. Şimalda Türkiyə, şərq və şimal-şərqdə İran, qərb və cənub-qərbdə Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, cənubda Küveytlə həmsərhəd olan bu ölkəyə, hava, dəniz, şose və dəmir yolu ilə gəlmək olar. Ölkə daxilində uzunluğu üç min kilometrə qədər üç əsas dəmir yolu vardır: Bağdad – Bəsrə (569 km), Bağdad-Kərkük – Ərbil (427 km), Bağdad – Mosul – Tel – Köçək (531 km).

Bağdad – Mosul – Tel – Köçək dəmir yolu İraqı müxtə- lif ölkələrlə birləşdirir. Bu yolla Hələb, Beyrut, Ankara, İstanbula, oradan da Roma, Paris, Belqrad, Zaqreb, Milan, Triyestə və s. getmək olar.

Hava yolu ilə də istənilən ölkəyə uçmaq olar. İraqda mövcud olan altı təyyarə limanının ikisi – Bağdad və Bəsrə beynəlxalq təyyarə limanlarıdır.

Ölkədə on bir min kilometr uzunluğunda çox yaxşı vəziyyətdə olan şose yolları vardır. Asfaltın tərkibi elədir ki, nə qədər isti olsa da ərimir.

Səhra, düzənlik və dağlıq olmaqla üç coğrafi zonaya bölünən İraqın qışı mülayim keçsə də, iyul-avqust aylarında hərarət kölgədə 48 – 50 dərəcəyə qədər qalxır. Bir çoxları İraqda yalnız yay və qış fəsillərinin olduğunu qeyd edirlər. Lakin burada bütün fəsillər özünü göstərir. Ən uzun mövsüm yay fəslidir. Yay fəsli İraqda may ayından oktyabra kimi davam edir. Noyabr payız fəslinin payına düşür. Dekabr, yanvar, fevral qış aylarıdır. Mart-aprel yaz ayları hesab olunur. Baxmayaraq ki aprelin axırında hərarət çox vaxt qırx dərəcəni haqlayır, su martın ortalarından qızmağa başlayır; bu vaxt uşaqlar hətta çaylarda çimirlər.

Qışda isə çox da soyuq olmur. İraqda olduğum altı il ərzində bir dəfə də qar yağdığını görmədim. Söhbət etdiyim bir çox cənublu tanışlarımın qar haqqında təsəvvürləri belə yox idi. Yəqin buna görədir ki, İraqda qar da, buz da bir məfhumla – «səlic» sözü ilə ifadə edilir.

Yayda isə çox isti olur. İyun, iyul, avqust, sentyabr ayları «yanar aylar» adlanır. Bu vaxt Dəclə və Fərat kimi nəhəng çaylarda belə suyun səviyyəsi çox aşağı olur. Gün od kimi yandırır. Elə bil torpaq təndirə dönür. Gün eynəyi olmadan küçəyə çıxmaq olmur. Dəmir sağanalı eynək də taxmaq olmaz. Gün o saat sağanağı qızdırır, eynəyi gözündən çıxarmalı olursan.

Yayda günorta vaxtı qısaqol köynəkdə, başıaçıq gəzən adama rast gəlməzsən. Köynək və onun üstündən də pencək geyirlər. İsti yay küləyi – «Səmum» əsəndə nəfəs almaq çətinləşir, hava adamın nəfəs yollarını yandırır. Gərək açıq havada olanda əl dəsmalı ilə ağız-burnunu tutasan. Təsadüfi deyil ki, kənd yerlərində ərəb kişiləri də başlarına şal bağlayırlar. İsti havada və «Səmum» əsəndə üz-gözlərini şalın ucu ilə örtürlər. Bu vaxt nəfəs almaq asanlaşır. Çünki nəfəs alanda şalın ağıza toxunan hissəsində nəmişlik əmələ gəlir və istiliyin təsiri azalır.

İyul – avqust aylarında gündüz saat 11-dən sonra, de- mək olar ki, açıq havada işləmək olmur. Yayın cırhacır istisində iş «donur», yollardan, küçələrdən adamlar çəkilirlər. Axşam düşən kimi isə elə bil həyat yenidən canlanır. Axşam saat səkkiz-doqquz radələrindən başlamış gecədən xeyli keçənə qədər hər yanda yeyib-içir, deyib-gülürlər.

Yayda gündüzlər 42-48 dərəcə isti olduğu halda, gecələr hərarət 25 – 27 dərəcəyə enir. Rütubət olmayan bir yerdə bu yaxşıdır. Evlərdə kuller – sərinlədici və ya kondisioner olmasına baxmayaraq, ərəblər yayda gecələr evin üstündə yatmağı üstün tuturlar. Çünki kuller və kondisionerdən zökəm olurlar. Evin üstündə isə rahat yatırlar. Gündüzün üzücü istisinin yorğunluğundan bədən dincəlir. Yeri gəlmişkən deyim ki, evlərin üstü tametdən olur. Evin damı isə divar boyu hər yandan ən azı bir metrəyə qədər hörülür ki, qonşular bir-birini görməsinlər.

İraqda çiy kərpicdən tikilmiş kənd evlərində yayın isti vaxtı hava daha sərin olur. Çünki açıq pəncərələrdən asılmış qamış və otdan düzəldilən həsirə bənzər örtüyün üstünə su tökürlər ki, bu da evi çox sərin saxlayır.

Evlərin üstü elə düzəldilir ki, gün içəri düşə bilməsin. Yayda gün düşdüyü yeri yandırır, soldurur, hər şeyin rəngini dəyişir. Bu, əsasən mağazalara aiddir. Ona görə də bütün evlərin üstündən küçəyə tərəf iki-üç metrlik «günlük» düzəldirlər.

Yayda adam çox tərləyir və buna görə də tez-tez su içmək istəyir. Əhalini istidən xilas etməkdə çox sadə konstruksiyalı buz zavodları böyük rol oynayır. Hər yanda ucuz qiymətə buz satılır. Sərinlədici içkiləri həmin buzla içirlər.

İraqda hər dəfə başlayanda iki-üç gün davam edən küləklər olur. İldə əlli gün davam etdiyinə görə adına «Xəmsin» deyirlər. Misirdə də bu külək «Xəmsin» adlanır. «Xəmsin» vaxtı ağaclar, onların budaqları, hər şey bozarır. Hava palıdı, sarı rəngə çalır. Göz açmaq mümkün olmur. Adamın üz-gözü, qulaqları, burnu, dişlərinin dibi qumla dolur. Küləklə gələn qum, toz-torpaq evə də dolur. Toz-torpaq gətirən bu küləyə İraqda «əcac» da deyirlər. Xəmsin başlayanda görüş dairəsi demək olar ki, sıfra bərabər olur. Xəmsini şimal ölkələrində qar yağan zaman baş verən tufanla müqayisə etmək olar.

İraqda iqlim şəraiti insanların həyat tərzi kimi, şübhəsiz, sağlamlıqlarına da təsir edir. Bir dəfə Tərtər – Fərat kanalı tikintisində təsərrüfat işləri üzrə müəssisənin rəis müavini Səbah Cənabi dedi ki, dünən sizin həkim arvadımı müayinədən keçirəndə təzə anadan olan oğlumu təcili olaraq xəstəxanaya aparmağı məsləhət görüb. Bir öyrən gör bu nə işdir.

Məlum oldu ki, uşaq Yeddiaylıq olduğuna görə həkim bu qənaətə gəlib. Səbah Cənabi dedi ki, əvvəlki uşaqlarının dördü də yeddinci ayda anadan olublar. Hamısı da sağlam böyüyüblər. Belə olan halda həkimimiz uşaqların anasının müalicə edilməsini məsləhət gördü. Çox keçmədən iki sovet mütəxəssisinin uşağı oldu, ikisi də yeddinci ayda. Sən demə uşaqların vaxtından əvvəl doğulmasına səbəb iqlim şəraiti imiş.

İraqda kənd təsərrüfatı ilə məşğul olan hər bir adam bütün fəsillərin, ayların xüsusiyyətlərini bilir və gündəlik işində bunu nəzərə alır. İqlim şəraitindən yaxşı baş çıxaran əkinçinin də, maldarın da işi uğurlu olur. Burada hər ayın xüsusiyyətlərini özündə əks etdirən qanadlı sözlər, ağlabatan fikirlər vardır. Dekabr və yanvar ayları haqqında deyirlər ki, bu vaxt soyuq gah qılınc kimi kəsir, gah da hava mülayim olur. Heyvanlar kökəlir, südü çoxalır, yağı artır.

Fevral haqqında deyirlər: «Lö şubbat, lö lübbat» – «fevral oldu, qarışıq oldu». Görürsən gah yağış yağır, gah da gün çıxır. Ya da hava buludlu, tutqun olur. Deyirlər «fevrala inanmaq olmaz; qış keçsə də demək olmaz soyuqlar keçdi».

Mart haqqında: «Mart oldu, hər yan yağış oldu», «Mart yağışı bərəkətdir», «Martda daşdan da sünbül çıxar» – deyirlər.

Aprel haqqında: «Nisan gəldi, biçinə hazırlıq gəldi», «Nisan gəldi, milçəyin dövranı gəldi» – deyirlər.

May haqqında: «Mais ayı ətir və gül-çiçək ayıdır», «Xiyar mövsümüdür. Biçin mövsümüdür. Ya bolluq, ya kasadlıq ayıdır» – deyirlər.

İyun haqqında: «İsti küləklər ayıdır» – deyirlər.

İyul haqqında atalar sözü var: «İyulda kuzədə su quruyur».

Avqust haqqında: «İstidən qorxmadan, cürət edib üzüm salxımlarını yığırlar – deyirlər. – Avqustun gündüzü cəhənnəm kimi isti, gecəsi isə ürəkoxşayan sərin olur. Birinci ongünlükdə isti qapıda mismarı əridir. İkinci ongünlükdə üzüm azalır, xurma çoxalır. Üçüncü ongünlükdə qış qapını döyür, yəni yay qurtarır, payız başlayır».

Sentyabr haqqında. «Sentyabr qapının ağzını səs-küy- süz kəsir» – söyləyirlər. Ancaq sentyabrda elə istilər olur ki, hətta deyirlər: «Sentyabr məni istisi ilə yandırdı, şükür avqusta». Bu vaxt soyuq duş qəbul edib «havasərinlədən»in – kondisionerin qarşısında yatırlar. Bəzən zökəmə tutulurlar; soyuqdəymə halları da olur. Odur ki, deyirlər «Qışın soyuğu yayın soyuğunun yanında toya getməlidir».

Oktyabr – noyabr haqqında: «Bu iki ay arasında bir yay da var» – deyirlər. Oktyabr ayı haqqında yenə deyirlər ki, bu ay üzüm və əncirin qurtardığı aydır.

Noyabr haqqında: «Noyabr soyuqları da yaz soyuq- larından geri qalmır. Adamı güllə kimi kəsir. Bu vaxt peçin yanını kəs, tərləyəndə özünü yelpiklə sərinlət» deyirlər. Noyabrda nə çox isti, nə də soyuq olur.

Payızda gün batan vaxt üfüq tərəfdə böyük bir sahə qırmızıya boyanır. Adam baxmaqdan doymur. Bu mənzərə qüdrətli rəssam əli ilə yaradılmış füsunkar lövhəyə bənzəyir.

Yayın axırına yaxın isə təbiətin başqa bir möcüzəsi özünü göstərir. Bu vaxt gündüzün axşamla, gecə ilə əvəz olunduğu anı tutmaq çox çətin olur. Bir də görürsən gün batdı və zülmət qaranlıq düşdü.

Bağdadın cənub qurtaracağında, Dəclə çayının sahilində yerdən çıxan qazla əbədi məşəl yanır. Taleyi həmişə su ilə bağlı olan bu kənd təsərrüfatı ölkəsi indi öz neftinə görə də şöhrət qazanmışdır. Buna görə də od və suyu İraqın mühüm həyat rəmzi kimi qəbul edirlər. Keçmişdə bu torpağı «bolluq guşəsi», «çörək zənbili» adlandırırdılar. Çünki torpağı münbit və bərəkətlidir.

İraqda sənaye inkişaf etsə də, hələlik kənd təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. Bol sulu Dəclə – Fərat çayları, yağıntının bolluğu və ölkənin şimal hissəsinin təbii şəraiti kənd təsərrüfatının inkişafına böyük imkan yaradır. Bütün il boyu İraqda məhsul yetişdirmək olur. 1958-ci il 14 iyul inqilabından sonra torpaq mülkədarların əlindən alınıb xalqa verilmişdir.

Xalq mənəvi sıxıntılar keçirəndə, onun mənliyi tapdalananda, istismar ediləndə istər-istəməz ruhdan düşür, qol-qanadı sınır, qurub-yaratmaq eşqi sönür, məhrumiyyətlərə düçar olur. İngilislərin tapdağı altında olarkən İraq xalqı neçə-neçə illər belə məhrumiyyətlərə məruz qalmışdı. Lakin indi vəziyyət dəyişmişdir. Xalq öz torpağından, var-dövlətindən istədiyi kimi istifadə edir, qurub-yaradır. 1975-ci il dövlət planına əsasən bir milyon altı yüz min adam yaşayan 4.200 kəndi işıqlandırmaq nəzərdə tutulurdu. Su sarıdan korluq çəkən kəndləri də su ilə təchiz etmək planlaşdırılmışdır.

İraqda Ali Kənd Təsərrüfatı Şurası fəaliyyət göstərir. Buraya müxtəlif bölmələr daxildir. Bu bölmələr kənd təsərrüfatını inkişaf etdirmək üçün xeyli iş görmüş, çoxlu kooperativlər yaradılmışdır. Onların sayı dörd mini keçir. Dövlətin köməyilə hər biri 200 evlik yeni kəndlər salmır. Bu kəndlər su, elektrik işığı, məktəb, ambulatoriya və s. ilə təmin olunur. Kooperativlərin bir çox üstünlükləri vardır. Dövlət onların üzvlərinə maliyyə cəhətdən köməklik göstərir, onları texnika, gübrə və s. ilə təchiz edir. Bununla belə, hələlik kənd təsərrüfatı məhsulları xalqın artan tələbinə cavab vermir. Buna görə də hər il xaricdən şəkər, meyvə, ət-süd məhsulları alınır. Əkin üçün yararlı 12 milyon hektarlıq torpaq sahəsinin hələlik 7 milyon hektarı əkilir. Lakin onun da xeyli hissəsi hər il dincə qoyulur. Qum münbit torpaqları basdığına görə ölkədə meşə zolaqları da salınmağa başlanmışdır ki, qumun hərəkətinin qarşısı alınsın. Əkilən sahələrin dörddə üçündə dənli bitkilər, əsasən də arpa-buğda becərilir. Ölkənin şimalında arpa-buğdanı dəmyə əkirlər. Orada həmçinin dövlət büdcəsinə böyük gəlir verən tütün də becərilir. Cənubda isə çəltik əkirlər. Bağ və bostan bitkilərindən pomidor, xiyar, bibər, kələm, badımcan, balqabaq, noxud, lobya, çuğundur, göy-göyərti, gül kələm, qarpız, qovun geniş yayılmışdır. İraqda xurma, püstə, portağal, naringi, limon, nar, qoz, gavalı, əncir, armud, üzüm, şaftalı, alma və s. bitir. Ölkə nəinki özünü meyvə ilə təmin edir, hətta portağal və xurma xaricə də ixrac olunur. Dünya xurma ixracının 75 faizini təşkil edən İraq xurması ölkənin milli sərvətidir. O, 50-dən çox ölkəyə göndərilir. Çin, Sovet İttifaqı və Hindistan, İraqla xurma ticarətində ön yerlərdə dururlar. Ölkə başdan-başa xurma ağacı ilə doludur.

XURMA BAĞLARI

İraqda təqribən otuz üç milyon ədəd xurma ağacı vardır. Xurma ağacı 5-7 ildən sonra məhsul verir. Meyvəsini birinci və ikinci ildə qırıb tökürlər ki, ağac zəif düşüb məhv olmasın. Hər ağacda 4-12 salxım və hər salxımda 10-20 kiloqram xurma olur. Xurma bağlarını yalnız şitillər vasitəsilə çoxaldırlar.

Tumdan əmələ gələn xurma ağacı cır olur, məhsul vermir. Ərəbcə «paxl» adlandırılan xurma ağaclarının hündürlüyü 10-20 metrə çatır.

İraqda bir milyon yarım adam xurma ağaclarına, bağ- lara qulluq edir, tərəvəzin yetişdirilməsilə məşğul olur. Bağlar xurma ağaclarının altında salınır ki, qaynar günəş ağacları qurudub məhv etməsin. Bağdad, Bəsrə, Kərbəla, Hillə, Divaniyyə ətrafında bağlar geniş yayılmışdır. İraqda olan saysız-hesabsız xurmalıqları yalnız Amerikanın Arizona ştatında gördüyüm kaktus meşələri ilə müqayisə edə bilərəm.

İraqda xurmanın yüzdən çox növü vardır. Zəhdi, xəs- təvi, diqal, barban, seylan, həmra əl-əyd, ibrahimi, bedaraya, məştumi, safra əl-əyd və s. ən yaxşıları hesab olunur. Bütün xurmaların gözü zəhdidir. Xurmadan yağ və araq çəkir, köpə qarşı dərman hazırlayırlar. Xurma tam yetişməmiş ondan sirkə düzəldirlər. Yetişmiş xurmadan isə mürəbbə bişirirlər ki, bu da «dibs» adlanır. Bir kiloqram xurmada 2700 kalori vardır. Bu, bir kiloqram ətdə və ya iki kiloqram balıqda olan kaloridən çoxdur. Xurmada askorbin, nikotin turşuları, «A», «D», «B1», «B2» vitaminləri vardır. Xurmanı İraqda qatıq və ya südlə yeyirlər. Qatıqla hər vaxt istənilən qədər xurma ye- mək olur. Ölkədə «Dəclə», «Fərat», «Şətt əl-Ərəb» («Ərəb çayı») kimi böyük xurma emalı zavodları vardır. Zavodlar ona görə çayların adları ilə adlandırılır ki, xurma bağları onların hövzələrində yerləşir.

İraqın başlıca kənd təsərrüfat məhsulu ixracı olan xurma bu ölkədə hələ qədim zamanlardan məşhurdur. Xurmadan un və bal hazırlayır, çəyirdəyindən yanacaq kimi istifadə edirdilər. Xurma ağacı qabığının lifindən kəndir və səbət hörür, özündən isə kiçik qayıqlar düzəldirlər.

Ərəblər xurma ağacını insan bədəni ilə müqayisə edirlər. «Əgər xurma ağacının başını kəssən o məhv olur. Əgər hər hansı bir budağını kəssən yerindən yenisi çıxmır. Xurma ağacları orta hesabla yüz ilə qədər yaşayırlar».

Müharibə vaxtı düşmən tərəfin xurma ağaclarını kəs- mək ona ən ağır dağ çəkmək hesab olunurmuş. Elə-belə, odun üçün bu ağacı kəsmək görünməmiş bir şeydir. Onun qayğısını adamlar doğma balasının qayğısını çəkən kimi çəkirlər.

Xurma yetişən vaxt onun sarı və qırmızı salxımları ağaca və ətrafa elə gözəllik verir ki, adam ona tamaşa etməkdən doymur. Xurma ağacı bolluq və bərəkət nişanəsi sayılır.

BAYRAMLAR, YEMƏKLƏR

İnqilaba qədər mayın 2-də kralın ad gününü, aprelin 4-də onun tacqoyma gününü bayram etməyə məcbur olan iraqlılar indi yanvarın 1-ni, mayın 1-ni, iyulun 14-nü (inqilabın qalib gəldiyi günü) və s. bayram edirlər. Göründüyü kimi, inqilab yalnız həyatda deyil, İraq xalqının şüurunda da baş vermişdir. İraqda rəsmi bayramlar aşağıdakılardır: Yanvarın 1-i – Yeni il; yanvarın 6-sı – Ordu günü: fevralm 8-i – 1963-cü il inqilabı günü; martın 21-i – Novruz bayramı; mayın 1-i – Zəhmətkeşlərin həmrəylik günü; iyulun 14-ü 1958-ci il inqilabı günü; iyulun 17-si – 1968-ci il inqilabı günü.

Bundan başqa on dörd gün də dini bayramların payına düşür. İstirahət günü, bütün Şərqdə olduğu kimi, cümə günüdür.

Bəzi sənətkarlar cümə günü işlədiklərindən mərkəzi həmkarlar təşkilatları ilə razılığa gələrək həftənin müəyyən gününü işləmirlər. Məsələn, şəkilçəkənlər bazar günü, dəllək və qəssablar bazar ertəsi istirahət edirlər və s.

Mayın 1-də və inqilabi bayramlarda nümayiş və parad təşkil edilir. Hava çox isti olduğundan nümayiş və paradları axşam saat altıdan sonra keçirirlər. Demək lazımdır ki, bayramların bir çoxu isti vaxta düşür. Çünki əksər ərəb ölkələrində olduğu kimi İraqda da inqilab, çevriliş, sui-qəsdlər və s. ya dini bayramlar, ya da qızmar yay vaxtı həyata keçirilir.

İraqlılar bayramları böyük intizarla gözləyirlər. Bay- ramlarda bütün ailə ilə seyrəngaha çıxırlar. Naharı isə şəhərdə kababxana və restoranlarda edirlər. Odur ki, bayram vaxtı yeməkxana və kababxanalarda adam əlindən tərpənmək olmur. Yeməklər ədviyyə və göy-göyərtinin hesabına çox ətirli, dadlı, ləzzətli olur. Məhz buna görə də Şərq yeməkləri bütün dünyada məşhurdur. Ən başlıca yeməkləri dolma, plov, kabab, tikkə (tikə kabab), quzi, məzquf, qas, əl-şiş (hinduşka) dicacə (toyuq), kubbadır. Bu yeməklərdən plov, dolma quzi, kabab və tikkə bizim də aşinası olduğumuz yeməklərdəndir. Onlar da dolmanı tənək, kələm, salat yarpağı və eyni zamanda soğan, badımcan, pomidor, xiyarla düzəldirlər. Kabab və tikə bizdəki kimidir. Lakin tikələr çox xırda və sümüksüz olur.

«Quzi» bizim quzu sözündəndir. Quzu və ya toğlu ətini əvvəlcə suda qaynadır, sonra isə bir az qızardırlar. Qızardılmış əti böyük parçalarla plovun üstünə qoyurlar. Buna görə ona «quzi əla timmen» də deyirlər; yəni düyü üstündə quzu, toğlu əti. Qoyun ətini heç vaxt yumazlar. Çünki qoyunu kəsərkən adətən birdəfəyə yeyirlər. Ancaq mal və dəvə əti bir az qaldıqda köhnəldiyinə görə, keçmişdə olduğu kimi, indi də bişirməmişdən əvvəl yuyurlar.

Qas əsasən dəvə ətindən düzəldilir. Son vaxtlar inək və camış ətindən də hazırlayırlar. Lakin bu, dəvə ətindən bişirilən qasın ləzzətini vermir. Qası düzəltmək üçün ətdən bir neçə parça doğrayır və lay-lay uzun bir şişə keçirirlər. Hər üç-dörd laydan sonra bir lay quyruq və ya yağlı qoyun əti qoyurlar. Cəhrə iyinə bənzər bu yoğun şişi çox asta-asta fırlanan alətə keçirirlər. Şiş fırlandıqca közərən spirallar əti qızardır; qızardıqca da iti bıçaqla nazikcə yonurlar. Qası bizim dağlı çörəyindən fərqlənməyən «samun», ya da «xobz» – lavaş və turşu ilə yeyirlər. Bu yeməyi dadına, ləzzətinə görə bizim cızbızla müqayisə etmək olar.

Dicac və əl-şiş – bütöv qızardılmış toyuq və hinduşka- dır. Bu yemək tabakadan fərqlənmir. Lakin onlar toyuq və hinduşkanı ya şişdə, ya da külfədə qızardırlar.

Kubba – kürdlərin milli yeməyidir, ancaq bütün İraqda hamı onu xoşlayır. Xüsusi növ buğdadan düzəldilir. Buğda bişirilir, qurudulur və sonra kirkirədə çəkilir. Buna «burqul» deyirlər. Burqul yumşaq döyülmüş və ya maşından keçirilmiş ətlə qarışdırılır və yenidən döyülür. Sonra onun içinə qoz, fındıq, badam, püstə, soğan qarışdırılır və bişirilir. Kubbanın qızarılmışına da rast gəlinir.

Məzquf ikiyə bölünərək ocaqda qızardılmış balıqdır, Çox dadlı yeməkdir.

Doğrudur, islam dini vaxtilə üstü pulsuz balıq, donuz əti və s. yeməyi müsəlmanlara qadağan edir, onu günah sayırdı. Bunu o vaxt üçün məqbul saymaq olardı, Çünki avam camaat balıq və donuz ətini, necə gəldi yeyir, çox vaxt ya zəhərlənir, ya da qorxulu xəstəliyə tutulurdular. Onlar nərə balığının özündən zəhər verdiyini, donuz ətində isə isti hava şəraitində trixin xəstəliyi törədən qurdların olduğunu bilmirdilər. (Bax: «Aziya i Afrika seqodnya» jurnalı, M., 1984, Ns 2). Elə buna görədir ki, Yezid ibn-Əbdül Məlikin hakimiyyəti zamanı (720-724), xəlifəliyin ərazisində təsadüf edilən bütün donuzların məhv edilməsi barədə fərman verilmişdi.

İndi İraqda uzunburun və nərə balıqlarından düzəldilən «məzquf» ən məşhur və ləzzətli yeməkdir. Məzquf və ya balıqdan hazırlanmış başqa yeməkləri yeyəndə ayran və qatıq içmək, yemiş və ya bal yemək məsləhət görülmür. Çünki bədəndə geyişmə baş verir.

Ərəblərin ən çox xoşladıqları – kabab və tikə kababdır. Kababı turşu, göy-göyərti, salat, odda bişirilmiş pomidor və soğanla yeyirlər. İraq yeməkləri amerikalı Sula Benetin 1976-cı ildə Amerikada buraxdığı «Necə yaşayasan, yüzü haqlayasan» kitabında dediklərini həmişə yadıma salır. Qafqaza, əsasən də Azərbaycana həsr olunmuş kitabında müəllif yazır ki, qafqazlılar Avropa mədəniyyətini qəbul etmişlər. Lakin Avropa yeməklərini qəbul etməmişlər və heç vaxt bunu etməyəcəklər.3 Çünki öz yeməkləri sözlə deyilməyəcək dərəcədə dadlı və ləzzətlidir. Sübut üçün müəllif bizim dolma, bozbaş, kabab, qayğanaq və plovlarımızın reseptlərini də vermişdir.

Sula Benetin yeməklərimiz haqqında dediyi ürəkaçan sözləri eynilə İraq yeməklərinə də aid etmək olar.

ÜRƏYİ YANAN GƏL BƏRİ

İraqda süfrə (mineral) suları yoxdur. Burada koka- kola, pepsi-kola, sevin ap, kraş, kanada drai, şaabi, traubi kimi sərinlədici içkilər vardır. Bu içkilər birnəfərlik kiçik butulkalarda düzəldilir. Onu elə birbaşa butulkadan içirlər. Sərinlədici içkiləri əsasən içi dəmir təbəqə ilə örtülmüş böyük sandığa bənzər qablarda buzla bir yerdə saxlayırlar. Adı sərinlədici olan bu içkilərin tərkibi elədir ki, birini içən kimi gərək hər 15-20 dəqiqədən sonra yenə də içəsən. Yoxsa adam lap təntiyir. Elə buna görə də indi bir çox ölkələrdə bu içkilərdən üz döndərirlər. Koka-kola, pepsi-kola və s. Amerika içkilərini, demək olar ki, amerikalılar içmirlər. Onlar soyuq buzla qarışdırılıb içilən «ays-tii» (buzlu çay) deyilən içkiyə üstünlük verirlər.

İraqda sərinlədici içkilərə «baarid» deyirlər. Geniş ya- yılmış içkilərdən biri də təzə portağal şirəsidir. Portağalı iki yerə bölür, xüsusi cihazlarla sıxır, şirəsini çıxarırlar. Baha olsa da mövsüm vaxtı hamı portağal şirəsinə üstünlük verir.

İraqda spirtli içkilər də vardır. Belə içkilər «məşrubat» adlanır. Onlardan araq, pivə və şərabı göstərmək olar. Şərabları keyfiyyətsizdir. Ən çox araq və pivə içilir. Arağı xurmadan çəkirlər. Cirə və zəhləviyyə adlanan bu araqlar çox tünd olur. Arağı yalnız soyuq su və buzla qarışdırıb içirlər. Pivələri çox yaxşıdır. «Fəridə» və «Qızıl ulduz» adlı pivələr dünyanın ən yaxşı pivələrindəndir. Şərabdan baha olan bu pivələri özləri əkdikləri arpadan çəkirlər. Pivə həvəskarları yəqin bilmirlər ki, dünyada ilk dəfə pivə də qədim Mesopotamiyada istehsal olunmuşdur. Onu beş min beş yüz il bundan əvvəl Dəclə və Fərat çayları arasındakı ərazidə yaşayan şumerlər istehsal etməyə başlamışlar. Tarixi sənədlərdən məlum olduğuna görə, onlar bu içkini məhsul ilahəsinə töhfə edirlərmiş. Sonralar pivə istehsalı Babildə davam etdirilib. Qədim Şərqin ən böyük hüquq abidəsi olan hökmdar Hammurapinin 120 maddədən ibarət qanunnaməsində pivənin istehsalı və satışı qaydalarından danışılır. «Hammurapi qanunnaməsi» xüsusən pivə çəkərkən ona su qatanlara şiddətli cəza verilməsini nəzərdə tuturdu. Müqəssirlər ya su qatılmış pivənin olduğu çəlləkdə batırılmalı, ya da yıxılıb ölənədək həmin pivədən içməli imişlər.

İraqda ən çox yayılan içkilər çay, hamuz və qəhvədir.

Ərəblərin çayı da qəhvələri kimi çox tünd olur. Çayı belə dəmləyirlər: dəm çaynikinə çoxlu qara çay, sonra isə üstünə qaynanmış su tökürlər. Dəm çayniki odun üstünə qoyulur və qaynadılır. Çayı armudu stəkanlarda içirlər. Stəkanın düz yarısına kimi şəkər tökür, sonra qaynadılmış «dəm»dən üstünə əlavə edirlər. Çay sözün həqiqi mənasında bəhməzə oxşayır. Çox qüvvətli olur. Adətən çaydan əvvəl və sonra adi su içirlər.

Ərəblər dişləmə çay içmirlər. İraqda yaşayan azərbay- canlılar isə dişləmə çayı xoşlayırlar. Çox vaxt çayxana və qəhvəxanalar evlərin üstündə açıq havada yerləşir.

Hamuz isə Hindistandan Bəsrə limanı vasitəsilə ölkəyə gətirilən qoz boyda qurudulmuş limondan düzəldilir. Sadə camaat haradan gətirildiyini bilmədiyindən vaxtilə onu «numi Bəsrə» (Bəsrə limonu) adlandırmışdır. Baxmayaraq ki Bəsrədə bu növ limon ağacına rast gəlinmir, xalq onu yenə də «numi Bəsrə» adlandırmaqdadır. Hamuzun düzəldilməsi asandır. Limon suda qaynadılır, onu stəkana tökürlər. Üstünə şəkər əlavə edəndə isə çox içməli, turşməzə olur. Bu içkinin adı ərəb sözü «hamuz»dan («turş», «turşməzə») yaranmışdır. Həkimlərin gəldiyi qənaətə görə «hamuz» böyrəklərə və qidanın həll olunmasına yaxşı təsir edir, kökəlmənin və yanğının qarşısını alır. Hamuz İraqın milli içkisidir.

Qəhvə nəinki Ərəbistanda, hətta bütün dünyada geniş yayılıb. Ərəb qəhvəsi «qəhvə murr» – «acı qəhvə» adlanır. Çünki ərəblər onu şəkərsiz içirlər. Çox tünd və acı olan ərəb qəhvəsini üskükdən bir az böyük olan qablarda içirlər. Bir qabda 2-3 qurtum olur. Birdəfəyə 2-3 qab içirlər. Həkimlər təbii ərəb qəhvəsinin dizenteriya və başqa mədə-bağırsaq xəstəliklərilə mübarizədə böyük rolu olduğunu göstərirlər. Ərəb qəhvəsi selikli qişanın iltihabının da qarşısını alır.

Qəhvə haqqında maraqlı əfsanə də vardır: deyilənlərə görə, çobanlar sürünü otararkən keçilərin dağın dibindəki bir çəmənlikdən ayrılmadığının, qara-qəhvəyi bitkinin meyvələrini axtarıb taparaq onu yediklərinin şahidi olurlar. Çobanlar görürlər ki, keçilər gecələr dincəlmir, ora-bura qaçaraq bir-birini buynuzlayırlar. Onlar dünyagörmüş aqil adamlarla məsləhətləşirlər. Məlum olur ki, keçilərin şıltaqlığına səbəb vaxtilə Efiopiyanın Kaffa vilayətindən gətirilib əkilən, sonralar yaddan çıxan həmin bitkinin meyvəsidir.

Bir qrup tədqiqatçı «qəhvə» sözünün Kaffa ilə əlaqədar olduğunu qeyd edir. Başqaları isə bu sözün mənşəyini «kavva» – «qüvvə, güc» sözü ilə bağlayırlar. Qəhvə tezliklə başqa xalqlara da məlum olur. XVI əsrin ortalarından qəhvə Türkiyədə geniş yayılır. 1554-cü ildə İstanbulda ilk «qəhvəxana» açılır. XVII əsrin əvvəllərində Avropada qəhvə haqqında yaxşı təsəvvürə malik idilər. 1615-ci ildə italiyalı Pyetro Valle yazırdı: «Türkiyədə yayda yanğını azaldan, qışda isə insanın bədənini qızışdıran bir içki var. Onlar həmin içkini Ərəbistanda bitən bir bitkinin toxumundan hazırlayırlar. Həmin içki insanın sağlamlığına yaxşı təsir göstərir. Yeməklərin həzminə kömək edir, Mədəni möhkəmləndirir, dizente- riyanın qarşısını alır. Yeməkdən sonra insanı yatmağa qoymur. Buna görə də gecələr oxumaq, zehni əməklə məşğul olmaq istəyənlər həmin içkidən içirlər».

Qəhvə tezliklə Avropaya yayılır. 1652-ci ildə Londonda, 1671-ci ildə Marseldə, 1672-ci ildə Parisdə ilk qəhvəxanalar açılır.

Əkiləndən 4-5 il sonra hər ağacı 10-17 kiloqram məhsul verən qəhvə indi geniş yayılsa da, onun zərərindən də yazırlar. Belə deyirlər ki, XVIII əsrdə bir fransız təbibi çayla qəhvədən hansının adama çox ziyanı olduğunu öyrənmək istəyirmiş. Edama məhkum edilmiş iki dustağı həkimin xahişi ilə təcrübə aparmaq üçün ona verirlər. Dustaqlardan birinə gündə üç stəkan çay, o birinə uç stəkan qəhvə içirməyə başlayırlar. Belə olur ki, çay içən dustaq 70, qəhvə içən isə 80 il yaşayır. Çay və qəhvədən imtina edən alim isə 62 yaşında vəfat edir.

Bu əhvalatın əfsanə olmadığına inanmaq mümkündür. Axı hələ vaxtilə Karl Linner deyirdi ki, bu «içkilər» bədəni möhkəmləndirir, qida həzminə kömək edir, daxili çirki təmizləyir, mədəni qızdırır.

Ancaq qəhvənin ürəyi xəstə olanlara, yuxusuzluqdan əziyyət çəkənlərə zərəri də məlumdur.

Gündüz bir-iki fincan südlə qarışdırılmış, çox tünd ol- mayan qəhvə içməyi məsləhət görürlər. Çayı da həddindən artıq içməyi lazım bilmirlər. Bu, ürəyin işini ağırlaşdırır. Deməli, hər iki «içkini» ifrata varmadan içmək, müəyyən hədd gözləmək lazımdır.

BİR AZ DA TƏHSİLDƏN

İraqda orta təhsil üç pillədən ibarətdir. İbtidai, nata- mam orta və orta məktəb. İbtidai məktəbə altı yaşından gedir və altı il oxuyurlar. Bundan sonra ümumi imtahan verirlər. Əgər şagird üç imtahandan kəsilsə sinifdə saxlanılır, iki imtahandan kəsilən isə payızda sentyabrın 15-20-si arası imtahan verir. Şagird bir sinifdə üç il qala bilər. Sinifdə çox qalan şagird on altı yaşına çatanda axşam məktəbinə keçirilir. Belə şagirdləri 18 yaşına çatanda əsgərliyə çağırırlar.

Məktəblərdə imtahanlar yüz bal sistemi üzrə aparılır. Altmış bal toplamaq məqbul hesab olunur. Bu miqdar balı toplaya bilməyən şagird istədiyi bir fəndən imtahan verib vəziyyətini yaxşılaşdıra bilər. Bu, «imtahan mədrəsi» – məktəb imtahanı adlanır. Bundan əlavə, 6-cı sinfi bitirəndə «imtahan vüzəra» – nazirliyin imtahanı olur. Maarif nazirliyinin nümayəndəsi şagirdlər arasında beş fəndən yazılı imtahan aparır. Əlli bal yığa bilən şagird natamam orta məktəbdə oxumaq hüququ qazanır. Natamam orta məktəbdə üç il oxuyurlar. Burada hər il imtahan verirlər. Doqquzuncu sinfi bitirəndə yenə də «nazirlik imtahanı» olur. İmtahanları müvəffəqiyyətlə verən orta məktəbə də, texnikuma da gedə bilər. 1-2 fəndən kəsilən payızda təkrar imtahan verə bilər. Üç kəsri olan isə sinifdə qalır. Texnikuma da qəbul imtahansızdır. Hər hansı texnikum olur-olsun, normadan artıq sənəd verənlərin ən yaxşılarını seçirlər.

Orta məktəbdə də təhsil üç ildir. İmtahanları verib əlli baldan çox toplayan şagirdlər institutlara daxil ola bilərlər. Burada bir məsələni də qeyd edək. Deyək ki, tibb institutuna beş yüz nəfər qəbul olunmalıdır, lakin yeddi yüz nəfər sənəd verib. Dövlət onların ən yaxşılarını seçib xarici ölkələrə oxumağa göndərir, aşağı ballılardan isə bəzilərinə başqa institutlara getmək məsləhət görülür. Bir sözlə, hələlik ölkədə oxumaq istəyən şəxs təhsildən kənarda qalmır.

Bir cəhəti də qeyd edək. Əgər orta məktəbi qurtaran şagirdlər aşağı bal yığıblarsa (50-55 bal) onlar Bağdadda yalnız Müstənsiriyyə universitetinin axşam şöbəsinə, ya da əyalət – Bəsrə, Mosul, Süleymaniyyə universitetlərinə sənəd verə bilərlər.

Məktəblərdə dərslər sentyabrın 20-dən mayın 20-ə kimi davam edir. Yalnız bir dəfə – fevralın əvvəlində şagirdlərə ikihəftəlik istirahət verilir. 1980-ci ildən ibtidai təhsil məcburidir. Ölkədə qızlar məktəbi ayrı, oğlanlar məktəbi ayrıdır. Qızlar məktəbində yalnız qadın müəl–limlər işləyirlər. Məktəb direktorları ancaq idarə işləri ilə məşğul olur, dərs deməkdən azad edilirlər.

İndi ölkədə bir dənə də xüsusi məktəb yoxdur. Bütün ali və orta məktəblər dövlətin əlindədir. Ölkədə beş universitet vardır.

İraqda ilk ali məktəb 1927-ci ildə açılan Pedaqoji insti- tut olmuşdur. 1939-cu ildə Əczaçılıq institutu, 1942-ci ildə Mühəndislik institutu, 1947-ci ildə Qızlar institutu və s. açılmışdır. 1958-ci il inqilabından sonra Bağdad universiteti yaradıldı və bütün institutları birləşdirdi. Bundan sonra az müddət ərzində Bəsrə (1964), Mosul (1967), Süleymaniyyə (1971) və Bağdadda pullu Əl-Müstənsiriyyə (1963) adlı xüsusi universitetlər açıldı. Buraya Amerika tərəfindən bəzi Şərq ölkələrində yaradılan Əl-Hikmə universitetini də əlavə etmək olar.

Əl-Müstənsiriyyə 1974-cü ildən dövlətin ixtiyarındadır. Demək, təhsil bu universitetdə də pulsuzdur.

İraqa kömək pərdəsi altında yaradılan Əl-Hikmə uni- versitetinin ömrü uzun çəkmədi. Məlum oldu ki, bu universitetin divarları arasında İraq dövlətinin mənafeyinə zidd işlər aparılırmış. Buna görə də 1968-ci ildə bu «elm ocağı» Bağdad universiteti ilə birləşdirildi.

Ölkədə fəaliyyət göstərən beş universitet 54 ali məktəbi birləşdirir. Altmış minə qədər tələbəsi olan Bağdad universitetində tibb, əçzaçılıq, maldarlıq, diş həkimliyi, mühəndislik, kənd təsərrüfatı, ticarət, hüquq, dil-ədəbiyyat, tarix kollecləri və s. vardır.

Ali təhsil dörd ildən altı ilə qədərdir. Universitetin dil- ədəbiyyat və başqa humanitar elmlər üzrə kollecinə daxil olan tələbələr ərəb dili ilə yanaşı, ingilis, rus, alman, fransız və kürd dillərindən birini keçirlər.

İraqda qiyabi təhsilə də böyük qayğı göstərilir. Ən çox da kənd yerlərindən olanları qiyabi təhsilə cəlb etmək yaxşı nəticə verir. Onlar təsərrüfat haqqında biliklərini artırır və nəzəri biliklərini təcrübədə həyata keçirirlər. Kənd yerlərindən qiyabi oxuyan qızların sayı da artıb. Onlar böyük məmnuniyyətlə doğma kəndlərində uşaqlara savad öyrədir, savadsızlığın aradan qaldırılmasında iştirak edirlər. Bu çox vacib bir məsələdir, çünki ingilis müstəmləkəçiləri, yerli feodallar və din xadimlərinin xalqı cəhalətdə saxlamaqla ona asan rəhbərlik etmək siyasətinin nəticələri hazırda da özünü göstərir.

MƏDƏNİYYƏT MƏRKƏZİ ŞƏHƏRLƏRİ

İraqda hər şəhərin öz gözəlliyi, öz səciyyəvi xüsusiyyətləri vardır. Çiçəklənən liman şəhəri Bəsrəni gözəlliyinə görə Venetsiya ilə müqayisə edirlər. Şərqlə Qərb arasında ticarət qapısı adlandırılan Bəsrə, əhalinin sayına görə ölkənin paytaxtı Bağdaddan sonra ikinci yeri tutur. Əhalisi 445 mini keçən Bəsrə şəhərinin əsası yeni eranın 637-ci ilində qoyulub. («Yaxşı görmək» mənasını verir.) Bəsrə Abbasilər dövründə Hindistan və Çinlə ticarət mərkəzi kimi çiçəklənməyə başlamışdı. O, əsrlərlə bol məhsullu xurma bağlarına görə də məşhur olmuşdur. Təsadüfi deyil ki, bizdə lüzumsuz bir işi bildirən «Naxçıvana duz aparır», ruslarda «Tulaya öz samovarı ilə gedir» mənasında ərəblərdə «Bəsrəyə xurma aparır» atalar sözü işlənir.

Burada xurma emalı zavodu var. Nəhəng ticarət limanı Bəsrəyə böyük okean gəmiləri də yan ala bilir. Burada gəmi təmiri tərsanələri vardır. Bəsrədə böyük ağac emalı emalatxanası, pivə və sərinlədici içkilər zavodu tikilmişdir. Yaxın Şərqdə ən böyük elevator Bəsrədədir. Kağız emalı zavodu da onun şan-şöhrətini artırır. Bəsrə-Bağdad neft kəməri və Bağdad – Bəsrə dəmir yolu, ildə dörd milyon ton şəkər istehsal edən şəkər zavodu Bəsrənin mühüm şəhər olduğunu bir daha təsdiq edir. Bəsrədə universitet şəhərciyi öz gözəlliyi ilə seçilir. Burada idman kompleksi, üzgüçülük hovuzu, tələbə klubu, kitabxana binası diqqəti cəlb edir. İlin bütün fəsillərində Bəsrəyə Küveyt və başqa ərəb ölkələrindən böyük axın olur. Buraya həm təyyarə, həm qatar, həm maşın, həm də gəmi ilə gəlirlər. Bəsrədə hamının böyük məmnuniyyətlə müşahidə etdiyi «qaçaq mal» bazarı vardır. Küveyt və Səudiyyə Ərəbistanından qaçaq yolla gətirilən mallar bu bazarda ucuz qiymətə xırıd edilir.

İraq kimi isti bir ölkədə şəhərin, yaşayış məntəqəsinin dənizə yaxın olması böyük xoşbəxtlikdir. Bu baxımdan Bəsrənin bəxti gətirmişdir. Lakin yay vaxtı rütubət çox yüksək olur. Gecələr barxana və paltar rütubət və nəmişlikdən yaş olur.

Bəsrədə əfsanəvi Sindbad adası vardır. Deyirlər Sind- bad buradan səyahətə çıxarmış. Bağ-bağca, yaşıllıqlar içində itib-batan Bəsrənin ən mənzərəli yeri Sindbad adasıdır. Bura əyləncə və istirahət guşəsidir. Həftənin bütün günləri buraya Küveyt və başqa yerlərdən ailələr istirahətə gəlir.

Bəsrə bizim üçün də doğmadır. Bakı – Bəsrə qardaşlaşmış şəhərlərdir. 1973-cü ildə Bakı Soveti İcraiyyə Komitəsi sədrinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Bəsrəyə gələndə gül-çiçəklə qarşılandı. Azərbaycan Dövlət Universiteti ilə Bəsrə universiteti son illərdə sıx əlaqə saxlayır.

Mosul. İraqda böyük şəhərlərin bəzən iki-üç adı olur. Bağdad, Samarra və Mosul belələrindəndir. Xalq arasında Mosula «Umm ər-rəbieyn» («İki bahar diyarı») deyirlər. Qədim aramey dilində bu şəhər «Maşbalu» («Çökək yer», «Vadi») adlanırmış ki, bu da şəhərin coğrafi xüsusiyyətini düzgün əks etdirir. Ərəb dilində Mosul – körpü, keçid mənasını verir.

Mosul Bağdadın 400 kilometrliyindədir. Gözəl dağ havası ilə fərqlənir. Dəniz səviyyəsindən 223 metr hündürdədir. Burada yağıntının miqdarı ildə 400 millimetrdir. Üç milyonluq İraq kürdlərinin paytaxtıdır. Əhalisi 400 min nəfərə yaxın olan Mosul şəhəri bir vaxtlar elm və mədəniyyəti ilə aləmi heyran edən, gücü ilə ətraf ölkələri lərzəyə salan qüdrətli Assuriya imperiyasının son paytaxtı Neynəvanın xarabaları yanında tikilmişdir.

Neynəva yeni eradan əvvəl 612-ci ildə Midiya və Babil dövlətlərinin birləşmiş orduları tərəfindən darmadağın edildi. Vaxtilə assurilər Babili və başqa şəhərləri tutduqdan sonra etdikləri kimi, babillilər və midiyalılar da qocalı-cavanlı hamını qılıncdan keçirdilər. 25 metr hündürlüyündə olan qala divarlarını, sarayları dağıtdılar. Assurilər bu dünyanın borc dünyası olduğunu anladılar. Lakin gec idi. Paytaxt yerlə yeksan edildi, sonra isə yandırıldı. Assurilərin qisməti aclıq, yoxsulluq, səfalət oldu.

Neynəva xarabalarında qalan tarixi abidələr orada mədəniyyətin vaxtilə çox yüksək olduğuna dəlalət edir. Belə bir mədəniyyət mərkəzinin yaxınlığında yeni eranın 636-cı ilində Mosul şəhərinin əsası qoyulmuşdur. Bizim eranın 640-cı ilində ərəblər Mosulu tutur və sonralar oradan Azərbaycana yürüşlər təşkil edirlər. Orta əsr tədqiqatçısı Yaqut əl-Həməvi Mosulu karvan yollarının başlanğıcı hesab etmiş və yazmışdı: «Mosul İraqın qapısı, Xorasanın açarıdır. Buradan Azərbaycana getmək olur4.

Mosul Atabəylər hakimiyyəti zamanı birinci çiçəklən- mə dövrünü keçirmişdir. Bağdad-Ankara dəmir yolunun üstündə olan Mosul indi ikinci çiçəklənmə dövrü keçirir. Burada sement zavodları, toxuculuq və dəri məmulatı fabrikləri; böyük taxıl, mal və meyvə bazarları vardır. Mosul qarpızları bütün İraqda məşhurdur. Burada çəkisi 20-30 kiloqram olan çox uzun və böyük qarpızlar yetişir. Bal kimi şirin qarpızların qabığı çox nazik olsa da sərin zirzəmilərdə 4-5 ay saxlanıla bilir.

Mosul «Əl-qəzəl» bazarına görə də məşhurdur. Burada ancaq müxtəlif iplər, yun və pambıq satırlar. Yun və pambığı elə buradaca – dəzgahlarda təmizləyir, darayır və əyirirlər. Bu bazar o qədər məşhurdur ki, aydın, məlum bir məsələdən danışanda «Əl-qəzəl» bazarı ilə əlaqədar yaranmış atalar sözünü işlədirlər: «Bu ki «Əl-qəzəl» bazarının yolu kimi məlumdur» – deyirlər. Bazarda dəzgahların və alver edən qadınların səsi bir-birinə qarışır. Ağız deyəni qulaq eşitmir. Çox qarışıqlıq olur. Ona görə də mosullular deyirlər: «Burada uşaq anasını tanımır». Mosul kürdlərin mədəniyyət mərkəzidir. Mosul universiteti elm ocağı kimi, böyük vəzifələr yerinə yetirir.

Mosul haqqında çox yazılıb. O. Q. Gerasimov da ərəb ölkələrindən bəhs edən və 1974-cü ildə Moskvada çap olunmuş «Sincar dağlarından Rub əl-Xali səhrasınadək» adlı kitabında bu gözəl şəhərə layiq gözəl sözlər yazıb. Lakin müəllif bəzi təhriflərə də yol verib. O yazır ki, Mosul ətrafında göz işlədikcə uzanan taxıl zəmiləri vardır. Mosullular taxılı və qarğıdalını anbarlara yığmazdan əvvəl evlərin üstünə sərirlər. Bunu camaata göstərmək üçün edirlər: «Baxın, görün nə qədər məhsulumuz olub?» Şübhəsiz, müəllifın bu qənaətə gəlməsi onun kəndli həyatını yaxşı bilməməsi ilə əlaqədardır. Məhsulu anbara yığmazdan əvvəl qurudurlar ki, xarab olmasın.

Eləcə də 1967-ci ildən Mosul universiteti fəaliyyət göstərdiyi və bir neçə institutu birləşdirdiyi halda, o, Mosulda bir institutun olduğunu qeyd edir. Müəllif Bağdadla Kərkük arasındakı məsafənin 200 kilometrdən bir az artıq olduğunu deyir. Halbuki həmin məsafə 350 kilometrdir. «Mən İraqda olanda İmam Əlinin qəbri üçün Nəcəf şəhərinə üç tondan artıq qızıl işlədilmiş qapı gətirmişdilər» – deyən müəllif yenə də qeyri-dəqiqliyə yol verib. Qapı Həzrət Abbasın qəbrinin günbəzi üçün düzəldilmişdir. 400 kiloqram qızıl işlədilmiş qapı Kərbəlada Həzrət Abbas məscidindədir. Əgər müəllif bunları öz gözləri ilə görsəydi yazmazdı: «Kərbəlada İmam Hüseyn məscidindən aralı, şəhərin o biri başında Həzrət Abbas məscidi də var. Biz ona baxmağa getmədik. Deyirlər o da İmam Hüseyn məscidinə oxşayır».

Göründüyü kimi, müəllif müşahidə etdiyini yox, eşitdiklərini yazıb. Təbii ki, hər eşidilən də düz çıxmır. Müəllif özü baxmış olsaydı, bu iki məscid arasındakı məsafənin yalnız 350 metr olduğunu yəqin edərdi.

Kərkük. Bağdad, Bəsrə və Mosuldan sonra İraqın dördüncü şəhəri – ölkənin şimalında neft sənayesi mərkəzidir. Yetmişinci illərin hesablamalarına görə əhalisi 250 mindən artıqdır. Bağdadın 350 kilometrliyində olan Kərkük İraqda yaşayan azərbaycanlıların əsas şəhəridir. Azərbaycanca danışan xalq əsasən Kərkük vilayətində yaşayır. Əhalisi ətrafı ilə birgə 660 min nəfərdir (1976). «Kərkük» sözünün haradan əmələ gəlməsini izah etməkdə çətinlik çəkirlər. Bu sözün izini Mahmud Kaşğarinin «Divani-lüğət it-türk» adlı qədim və əvəzsiz kitabında görmək mümkündür. Türk dillərində «kərkük» – «çökəklik», «dərə», «vadi» mənasında işlənmişdir. Kərkükün müasir çoğrafi şəraiti bunun doğruluğunu təsdiq edir – şəhər vadidə yerləşir.

Kərkük qədim şəhərdir. Orta əsr tarixçisi Yaqut əl-Həməvi Ərbil və Daqut arasında alınmaz Kərkük qalasının olduğunu göstərir. Yaqut əl-Həməvinin söz açdığı Kərkük qalası indi də qalır.

Ölkə rəhbərliyinin Kərkükün abadlaşdırılmasma dair xahişi ilə yunan şirkəti şəhərin «Baş planı»nı hazırlamışdır. Həmin plana əsasən Kərkük qalasının abadlaşdırılaraq turist mərkəzinə çevrilməsi nəzərdə tutulmuşdur. Şəhərin ortasından axıb keçən Xaca çayı onu Qələ (söhbət Kərkük qalasından gedir – Q.P.) və Qorya olmaqla iki yerə bölür. Qələ tərəfdə bir çox məhəllələr vardır: Qəssabxana, Çuxur, Piryadı, Əkməkçilər (Çörəkçilər), Ovçular, Musala, Halvaçılar, Şorca, indi bəzən Bulaq məhəlləsi adlandırılan Qarabağlı məhəlləsi.

Kərkük qalasının – Qələnin əhatə etdiyi ərazidə isə Zindan, Ağalıq, Dəmir qapı, Top qapı, Hamam, Peyğəmbər və Meydan kimi məhəllələr vardır. Qorya tərəfdə isə Tisin, Məhətta (Vağzal), Əhməd ağa, Bəklər, Almas, Arafa, Yeni Kərkükdür.

İraqa birinci səfərim zamanı, 20 il bundan əvvəl Qor- yada – bazarın ətrafı göz işlədikcə uzanan zeytun meşəliyi idi. İndi burada müasir evlər tikilmişdir. Lakin şəhərdə köhnə evlər də çoxdur. Əl-Cümhuriyyə (Respublika) şəhərin ən izdihamlı küçəsidir. Əksər mağazalar, çayxanalar, kitab mağazaları, həkimlərin şəxsi qəbul məntəqələri bu küçədədir. Şair Mustafa Gög Qayanın kitab mağazasında yalnız öz dillərində – azərbaycanca olan kitablar satılır.

Şəhərdə neft təmizləmə və neft emalı, buz və kərpic zavodları vardır. Pambıq-parça, yun, ipək emalı, gön-dəri və dulusçuluq sənayesi inkişaf etdirilmişdir. Kərkükdə üç böyük xəstəxana və tibbi mərkəz yaradılmışdır. Yeni dövlət kitabxanaları istifadəyə verilmişdir. Şəhərin girəcəyində böyük park salınmışdır. Son vaxtlara kimi Kərkükdə su və mənzil çatışmazlığı özünü göstərirdi. İndi şəhər su ilə pis təchiz olunmur. Yetmişinci illərdə şəhərdə çoxlu evlər tikilmiş və əhaliyə verilmişdi. Kərkük neft kəməri Aralıq dənizi limanları – Bəniyas, Tripoli və Hayfa ilə birləşdirilmişdir.

Maraqlıdır ki, vaxtilə Kərkük nefti yalnız bir nəslin – Neftçizadələrin əlində olmuşdur.

Dəmir və şose yolları Kərkük şəhərini ölkənin paytaxtı Bağdadla birləşdirir.

Samarra-Surra Man Raa («Onu görən sevinir») Dəclə çayının sahilində, Bağdadın 120 kilometrliyində yerləşir. İndi 45-50 min əhalisi olan bu kiçik şəhər yeni eranın 836-892-ci illərində xilafətin mərkəzi olmuşdur. Bu, Harun ər-Rəşidin türkdilli kənizindən olan oğlu Mütəsimin xəlifəliyi zamanı baş verir. Mütəsim 4 min nəfərdən ibarət şəxsi gözətçilər dəstəsini türkdilli xalqdan təşkil etdiyinə görə ərəblər özlərini təhqir olunmuş hesab edərək açıq və gizli saray mübarizəsinə başladılar. Bağdadda çaxnaşmalar baş verdi.

Saray çevrilişindən qorxan Mütəsim ölkənin paytaxtını Bağdadın şimalında tikməyə qərara aldı. Xilafətdən asılı başqa dövlətlərdən alınan külli miqdarda vergi hesabına tez bir zamanda xəlifənin özünün ad verdiyi şəhər – «Onu görən sevinir» – tikildi və hamını heyran etdi. Mütəsimdən sonra daha yeddi xəlifə burada hakim olmuş, lakin 892-ci ildə xəlifə Mütəmid paytaxtı Bağdada qaytarmağı qərara almışdır.

Samarra indi turist mərkəzi kimi məşhurdur. Burada çox gözəl Əl-Əsgəriyyə məscidi və Məlviyyə («Spiralvari qüllə») diqqəti cəlb edir.

İslam aləmində ən böyük qüllə olan Məlviyyə arxitek- tura cəhətdən çox sadə, eyni zamanda təkrarolunmazdır. Hündürlüyü 52 metrə çatan bu qüllə 32 kvadrat-metr sahəni əhatə edən dördmetrlik özül üzərində ucaldılmışdır. Yol dolana-dolana qüllənin başına qalxır; eni iki metrdir, qüllə ətrafında beş dövrə edir. O, spiralvari olduğuna görə «Məlviyyə» adlanır. İndi bu qüllənin başından turistlər Dəclə çayını, şəhəri və bu qülləyə çox yaxın olan, həmyerlimiz Həsən Rəhimovun rəhbərliyi ilə tikilən «Antibiotiklər zavodu»nu seyr edirlər. Keçmişdə həmin qüllədən gözətçi məntəqəsi kimi istifadə olunmuşdur.

Məlviyyə qülləsi xəlifə Mütəvəkkilin vaxtında tikilib. Tarixçilər nəql edirlər ki, xəlifə hər gün Misirdən gətirilmiş uzunqulaqla qüllənin başına çıxıb ətrafı seyr etməyi xoşlayırmış.

Mütəvəkkil şəhər ətrafında böyük heyvanxana da saldırıbmış.

Dəclə çayı boyunda xəlifə Mütəsimin tikdirdiyi sarayın xarabaları indi də qalır. Çayın o tayında isə xəlifə Mütəmidin tikdirdiyi «Aşiq-Məşuq» sarayının xarabaları diqqəti cəlb edir. Vaxtilə Dəclə çayının altından salınmış yolla keçərək xəlifənin öz məşuqəsi ilə görüşdüyü «Aşiq-Məşuq» sarayının qalıqlarını turistlər məftunluqla müşahidə edirlər.

Turistlərin diqqətini cəlb edən tarixi abidələrdən biri də Əl-Əsgəriyyə məscididir. Məscidin diametri 22 metr olan günbəzi 1667-ci ildə qızıl təbəqəylə örtülmüşdür. Bu «bəzək işi»ndə 72 min ədəd kərpicvari qızıl vərəqdən istifadə edilmişdir. Günbəzin yanında ucalan, hündürlüyü 36 metr olan qoşa minarət ona xüsusi gözəllik verir. Məscidin qapıları da qızıldandır. Gözəlliyi ilə adamı məftun edən bu tarixi abidə ətrafındakı köhnə, bir-iki mərtəbəli evlər, dar və çirkli küçələrlə qəribə təzad təşkil edir.

Kərbəla. Bağdadın 105 kilometrliyində olan bu böyük şəhər yaşıllıqlar içindədir. Vilayət mərkəzidir. Əhalisi 250 min nəfərdən çoxdur. Kərbəla vilayəti iki böyük rayona bölünür. Nəcəf və Kufə – rayon mərkəzləridir. «Kərbəla» sözünün mənşəyi barədə iki fikir vardır. Bəziləri «Kərbəla»nın «Kur Babil» – «Babil rayonu»ndan əmələ gəldiyini, başqaları isə onun «Kurb vəl bəla» – «Hüzn və müsibət» sözlərindən yarandığını göstərirlər. Bu, İmam Hüseyn və Həzrət Abbasın həmin yerdə faciəli surətdə öldürülməsi ilə əlaqələndirilir ki, əksər tədqiqatçılar bu müddəanın həqiqətə daha yaxın olduğunu bildirirlər. Şəhər müsəlman aləmində din mərkəzi kimi məşhurdur. Burada İmam Hüseyn və Həzrət Abbas məscidləri və şiələrin son dərəcə böyük qəbiristanlığı vardır. İmam Hüseyn məscidi xüsusilə fərqlənir. Böyük sahəni tutan bu tarixi abidənin on darvazası vardır. 27 metr hündürlüyündə olan günbəz qızılla örtülmüşdür. Qoşa imarət abidəyə xüsusi gözəllik verir. İmam Hüseynin qəbri məscidin içindədir. Qəbrin üstü mərmərdəndir. Lakin fil sümüyü və başqa zinətlərlə də işlənmişdir. Ətrafına qızıl və gümüşdən düzəldilmiş şəbəkə çəkilmişdir.

1.Dinar latın sözü “dinari”dən əmələ gəlib. Qızıl pul deməkdir. İraqda indi də ən böyük pul vahidi kimi dinar işlənir.
2.Р.Г. Л а н д а. “У арабов Азии”, M., 1969, с. 81
3.Professor Sula Benetin adı çəkilən əsərini sonralar ingilis dilindən tərcümə edərək çap etdirdim («Yazıçı» nəşr, 1989, 212 səh., 2500 nüsxə)
4.Yaqut əl-Həməvi 1213 və 1220-ci illərdə iki dəfə Azərbaycana səfər etmiş, Təbriz, Marağa, Mərənd, Ərdəbil, Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Şəmkir, Şamaxı, Dərbənd və s. haqqında diqqətəlayiq məlumatlar vermişdir. Onun akademik Z.M. Bünyadov və professor P. K. Juze tərəfindən ərəbcədən rus dilinə tərcümə olunmuş və 1983-cü ildə «Elm» nəşriyyatının buraxdığı «Mudjam al-buldaan» əsəri bu baxımdan maraq doğurur.

Bepul matn qismi tugad.

13 430,24 s`om
26 860,49 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
267 Sahifa 30 illyustratsiayalar
ISBN:
978-9952-8450-1-7
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar