Kitobni o'qish: «Gəncəli müdrik. M.Ş.Vazeh»

Shrift:

MÜƏLLİFDƏN

Qədim hind fəlsəfi traktatlarının birində belə bir kəlam var: «Dahilər üçün üç şeydən biri labüddür: Ya gənc yaşında ölmək, ya sonsuz olmaq, ya da ehtiyac içində yaşamaq.»

Çox doğru həqiqətdir. Amma heyif ki, qədim mütəfəkkir bu yazılmamış qəribə qanunun səbəbini izah etmir. Bəs axı niyə belə olur? Özü də cüzi fərq və tək-tək istisnalar nəzərə alınmasa dünyanın hər yerində. Axı niyə olmazın ehtiyac və müsibətlər içində ömürlərini başa vuran fransız impressionistlərinin heç kim tərəfindən ən ucuz qiymətə də alınmayan əsərlərinin yüz minlərlə qiymətə satılması üçün mütləq onların ölməsi vacibdir?

Niyə dahilərə qarşı kor olan ataların səhvlərini düzəltmək mütləq oğulların öhdəsinə düşür? Həmin oğulların ki, özləri də öz həmyaşıdları, müasirləri olan adsız-sansız istedadlara qarşı kor olurlar? Niyə bu qanun bu qədər universal, dəyişməz və əbədidir?

Bütün bunlar, əlbəttə, uzun bir tədqiqatın mövzusudur. Çünki burada səbəb bir deyil, saysız-hesabsızdır.

Kütlə böyüklüyü görmür, görə bilmir. Görə bilənlər isə görmək istəmir, görmək istəmədiyindən guya heç nə yoxdur. Çünki «görunməzlərin» görünməsi onlara sərf eləmir və onlar instinktiv olaraq əllərində olan bütün vasitələrlə çalışırlar ki, həmin görünməyən dahilər beləcə, həmişəlik görünməz olaraq qalsınlar.

Bu belə olub, belə də olub qalacaq.

Mirzə Şəfi də belə «görünməzlərdən» biri olub və onun taleyi otuz il əvvəl məhz buna görə məni məftun elədi.

Mirzə Şəfinin ömrü boyu bacardığı şeir yazmaq və sevmək olub. Öz liliput həmvətənləri və müasirləri içində Qulliver kimi gəzən belə bir şəxsin həyatını təsvir etməkdən maraqlı nə ola bilər?

Avropa və Amerika ədəbiyyatında bioqrafik roman janrı böyük inkişaf yolu keçib. Onun Andre Morua, Lion Fextvanger, Henrix Mann, İrvinq Stoun kimi böyük nümayəndələri var.

Bioqrafik romanı tarixi romanla eyniləşdirmək olmaz. Tarixi romandakı imkan və sərbəstliklərə burada meydan azdır.

Bioqrafik romanın əsas meydanı qəhrəmanın daxili dünyası, onun ehtiraslarının analizidir. Bunun isə təsviri çox çətin və mürəkkəbdir.

Məni ilk bioqrafik romanımızı yazmağa həvəsləndirən və yazı vaxtı köməyimə gələn iki şey oldu. Biri Bodenştedtin xatirələrinin bir çox parlaq səhifələri, bir də özümlə Mirzə Şəfi arasında duyduğum mənəvi doğmalıq, yaxınlıq və anlaşıqlıq. Mirzə Şəfi poeziyasının o dövrdə rus dilində N. Qrebnevin yeni misilsiz tərcüməsində nəşri mənimçün göydəndüşmə oldu.

Ancaq bir çox səbəblər ucundan əsəri birbaşa yazıb başa çatdıra bilmədim. Yalnız 1988-ci ildə 62-63-cü illərdə başlanan roman sona çatdı.

Əsərin ilk adı «Nəğməyə dönmüş ömür», sonrakı daha bir natamam çapına isə «Mirzə Şəfi» adını qoydum. Nəhayət belə qərara gəldim ki, onu Bodenştedtin Mirzə Şəfini adlandırdığı kimi «Gəncəli müdrik» adlandırım.

Həyatda «gözəgörünməz» və ya bədbəxt olmaq üçün sadəcə həssas olmaq və ya hər hansı gözəlliyə heyran olmaq kifayətdir. Qaldı ki, minlərlə, yüz minlərlə adamlardan seçilmək kimi qeyri-adi doğulmaq ola…

Hələ iki əsr bundan əvvəl Şopenhauer yazanda ki, «mənəvi yoxsulluq ən gözəl zəmanətdir», aydındır ki, bu cür mənəvi yoxsulluqdan və həyat üçün bu qədər vacib olan kütlük və kobudluqdan məhrum olan mirzəşəfilərə yaşamaq çətin olacaq.

Əgər belə şəxslərin həyatında haçansa az müddətə də olsa günəş doğursa, bunu yalnız taleyin qeyri-adi töhfəsi kimi qiymətləndirmək olar.

Keçən əsrin görkəmli filosofu Joli «Böyük insanların psixologiyası» əsərində dahiliyin genetik və psixoloji səbəblərini açıb, dahilərin taleyinin faciəviliyinin səbəblərini onların mühitə, şəraitə uyğunlaşa bilməmələrində görür.

Əslində onlar istəsələr də şəraitə uyğunlaşa bilməzlər (Mirzə Şəfinin həyatının sonlarında etmək istədiyi kimi). Onların ruhi aləmlər üçün yaranmış qüdrətli beyinlərində bununçün vacib olan xüsusi mexanizm yoxdur.

Çox təəssüf ki, bizim müasir, az-çox istedadlı şəxsiyyətlərimiz həyatda məharətli olmaqda bir-birləriylə yarışıb başa düşmək istəmirlər ki, bununla qazandıqları hədsiz rifah əvəzində nələr itirirlər.

Mahirlik – istedad üçün bədbəxtlikdir.

Və bir şeyi də təkrarən qeyd edim ki, bütün tarixiliyinə və faktoloji xüsusiyyətlərinə baxmayaraq Mirzə Şəfinin həyatını təsvir etməklə əsl sənətkar taleyinin bir növ modelini yaratmağa çalışmışam.

I HİSSƏ
ZÜLEYXA

1

1831-ci ilin payız günlərinin biri idi…

Qəbiristanlığın dəmir darvazası örtülmüşdü. Əli Quranlı sonuncu adam da darvazanı aralayıb çıxdı. O, Şəmkir yolu üstündəki kiçik təpəlikdən geri baxdı. Orda, qəbiristanlıqda bir cavan dayanmışdı. Başı köksünə əyilmişdi. Onun qarşısında kiçik bir təpə qaralırdı… Torpağı qaralan təzə bir qəbir və bu qəbirdə Gəncənin ədaləti, müdrikliyi və onun yeganə dayağı yatırdı.

– Allah sənə lənət eləsin…

Qapıdan çıxan qoca bir daha qəbiristanlıqda dayanan cavana dodaqaltı mızıldandı, yoluna davam edib bir azdan şəhər kənarındakı ağaclıqlar arasında gözdən itdi.

Qəbiristanlıqda dayanmış cavan isə qəhərdən boğula-boğula pıçıldayırdı:

«Rahat yat, Hacı. Sən ömrünü qəhrəman kimi yaşadın. Sənin varlığın əsl möcüzə idi. Sən tək-tənha bir yığın molla, üləma, şarlatan, cahil, nadanla çarpışdın. Sənin varlığında nə böyük qüdrət var imiş».

O xırıldayaraq, başını solğun səmaya sarı qaldırdı. Dişləri bir-birinə sıxılıb xırçıldadı:

«Ey allah, ver Hacının qüdrətini mənə. Fikrimə, ağlıma, iradəmə qüvvət ver. Qoy büdrəmədən, yıxılmadan, inildəmədən Hacının mənə əxz elədiyi yolu başa vurum».

O, dərindən köks ötürüb qəbir üstə əyildi.

«Hacı, həyatımdan bir günəş kimi qopub getdin. Məni zülmət içində, vəhşilər içində qoyub getdin. Nə yurdum var, nə qohum-qardaşım, nə də dost-aşnam…»

Cavan düşdüyü vəziyyətin dəhşətini sanki indi dərk etdi. Daş kimi quruyub qaldı… Sonra ağır-ağır qalxıb əbasının düymələrini bağladı.

«Əlvida, müəllimim, sirdaşım, qardaşım, əlvida. Allah sənə rəhmət eləsin. Ruhun şad, məzarın qu tükü kimi yumşaq olsun.

Gözlərimə torpaq tökülüncəyə qədər səni unutmayacağam, Hacı. …Hər cümə axşamı gəlib məzarın üstə sənin çox sevdiyin Seyid Səttarın1 qəsidələrini oxuyacağam. Sən dünyada mənim sevdiyim yeganə hacıydın… Əlvida, ustadım, əlvida…»

Göz yaşları yavaş-yavaş kirpiklərinin ucunda ağırlaşdı, sonra qopub saqqalına yuvarlandı. Cavan qəbirlər arası ilə yeriməyə başladı. Axırı ki, qəbiristanlıqdan çıxdı.

«Deməli, bundan sonra Hacının təmkinli səsini eşitməyəcəyəm, mehriban üzünü, ağıllı gözlərini görməyəcəyəm. Dünən var idi, bu gün yoxdur. Yüz il qabaq da yox idi… Haradan gəlmişdi, hara getdi? Bu nə oyundur? Həyat addımlayıb gedir. Ömürlərin, talelərin, sevinc və kədərlərin üstündən addımlayıb hara isə gedir, gedir…»

O, başını qaldırdı. Ətraf göz işlədikcə kələ-kötür düzənlik idi. Bir az o yanda Şıx düzü uzanırdı. Orda da müqəddəs bir qəbir var idi. Orda, qəbirdəki adam yeddi yüz il idi ki, öz doğma şəhərinin bəla və müsibətlərini allahlara xas olan sükut və laqeydliklə seyr edirdi.

Dönüb şəhərə baxdı. Qurumuş dodaqları yavaş-yavaş tərpəndi: «Hara gedəcəyəm?.. Məscidə».

O, birdən-birə acı-acı gülməyə başladı.

…«Harda söhbət düşsə, Şah Abbası zülmkar adlandırıb ona lənət oxuyuram, axşamlar isə gedib yenə onun tikdirdiyi evdə yatıram. Bütün günü şəriət kitablarında yazılanların əfsanə olduğunu iddia eləyirəm, özüm də həmin kitabların üzünü köçürüb dolanıram…»

Onun çiyinləri yüngülcə titrədi. Ancaq bilmək olmurdu ki, gülür, yoxsa ağlayır.

«Allah sənə rəhmət eləsin, Hacı. Öləndə də məni yadından çıxartmayıbsan. Sənin 400 dinarın olmasaydı, neyləyəcəkdim?.. Nə qədər borcum var… Hacı Fətullaya, Kəblə Zeynəddinə, başmaqçı Mustafaya, daha kimə? Hə, baqqal Aşota… Azı yüz qızıl eləyir».

O, kiçik bir təpəlikdə dayanıb, irəliyə – Gəncəyə baxdı: hamam və məscidlərin minarələri, saraylar, qala divarları, yastı-yapalaq evlər… Canlı ölülərin nəhəng qəbiristanlığı. Haçandan-haçana cavanın dodaqları ağır-ağır pıçıldadı:

– Gəlir, Hacı Abdullanın dostu Mirzə Şəfi gəlir.

* * *

…Günortaya az qalırdı. İbrahim xanın ikimərtəbəli qırmızı kirəmitli evində yemək hazırlığı görülürdü. Xan geniş, hündür eyvanın gündoğan tərəfində üst-üstə qalanmış yumşaq balışlara dirsəklənib, ikinci arvadı Zeynəb xanımdan olan oğlu Əbülfəzlə nərd oynayırdı.

Xan gümüş xətli zərləri ağ, ətli ovcunda sıxıb atdı. Ata ilə oğlun gözləri taxta üstə diyirlənən zərlərə zilləndi.

Şeş-beş… Şeş-beş.

Xan qəhqəhə çəkdi:

– A bala, a bala, sən mənimlə oynaya bilməzsən.

Xanın kök, göyçək, sarışın oğlu qəzəblə zərləri götürdü, bir-birinin üstə qoyub atdı. Zərlər xeyli fırlandıqdan sonra oğlana acıq verirmiş kimi yenə eyni xallar üstə dayandı.

– Dü-bir…

Oğlanın göyçək üzü eybəcərləşdi. Xan isə daha bərkdən qəhqəhə çəkdi. Xan gülür, oğlu hirslənirdi. Nəhayət, Əbülfəz yad adamla danışırmış kimi atasına: – Zərləri at, – dedi.

Xan, oğlunun hirslənməyindən ləzzət alıb doyandan sonra yaşarmış gözlərini yaylıqla sildi.

– Bax ha, qoşalamaq istəyirsən, dü-bir atırsan, mən halalca atıram, allah da mənə verir.

Həyətdə o yan-bu yana gedən nökərlər xanın kefinin kök olmağından sevinmiş halda gülümsəyir, bir-birlərinə göz vururdular. Küçədən ötüb-keçən faytonların cırıltısı, atların fınxırtısı eşidilir, faytonçuların – yoldan keç, yoldan keç, – səsləri gəlirdi.

İbrahim xan yenə zərləri atmaq istəyəndə nəsə xatırladı, əlini həyətə sarı yelləyib səsləndi:

– Ay uşaq, ay uşaq…

Nökər əlindəki dolu kuzəni yerə qoyub eyvana sarı boylandı.

– Bəli, ağa.

– Zeynəbi çağır.

Nökər kuzəni götürüb getmək istəyirdi ki, xanın acıqlı səsi eşidildi.

– Hara gedirsən?

Nökər yenə kuzəni yerə qoyub geriyə döndü. Xan nökərə baxmadan soruşdu:

– Əjdər xanın evini tanıyırsanmı?

Uzunsov sifətli, nazik burunlu nökər eyvana yaxınlaşdı.

Xan bayaqdan bəri, – ata, oyna, ata, oyna, – deyib ağlamsınan oğlunun üzünə baxdı. Gülümsədi. Nökəri unudub, zərləri ovcuna aldı, əlini hərlətməyə başladı:

– Yaxşı, ala, bu da sənə bir şeş qoşa, – dedi.

Bər ikisinin intizarlı nəzərləri altında fırlanan zərlər doğrudan da cüt şeş üstə dayandı. Xan yenə qəhqəhə çəkdi. Həyətin o başından nazik, hədələyici səs eşidildi.

– Ay Hüseyn, ay Hüseyn.

Nökər xanımın qəzəbli səsini eşidib diksindi. Xan gülməkdən dayandı, nökərə baxdı.

– Hə… dünən Aslan xanın təsbehi yadından çıxıb məndə qalıb. Al, bu saat qaç onlara. Bir də «Açıqbazar»ın dalında papaqçı Baxşəli var, gör araqçın hazırdı, ya yox? Get.

Xan yenə oğluna sarı döndü, onun daha da qızarmış təmiz, girdə üzünə, sarışın saçlarına, iri, ala gözlərinə baxdı. «Gör necə bacısına oxşayır. Elə bil qızdır».

Əbülfəz:

– Düz atmırsan, cütlüyürsən, – dedi. – Özün də o qədər onnan-bunnan danışırsan ki, oyunun da ləzzəti qaçır.

Xan, oğluna cavab vermək istəyirdi ki, ikinci arvadı Zeynəb xanım eyvanın o başından göründü.

Zeynəb gözəl, sarışın qadın idi. Tərpənişindən məlum olurdu ki, təsərrüfat işlərinə o qədər qarışmasa da, evdə xanım odur. Evin gəlir-çıxarına isə xanın birinci arvadı Kişvər xanım baxırdı. Övladı olmadığına görə xan ikinci dəfə evlənib Zeynəb xanımı almışdı. Kişvər xanım həmişə ciddi, qaşqabaqlı idi. Zeynəbin isə dodaqlarından təbəssüm əskik olmurdu.

Xanım gəlib əri ilə oğlunun yanında dayandı. Oğluna baxıb gülümsədi:

– Hə, kim udur?

Əbülfəz əlini atasına uzadaraq:

– Düz oynayır bəyəm, – dedi.

Zeynəb xanım ərinə baxıb nazla acıqlanaraq:

– Qoyar ki, uşaq bir yol udsun, – dedi.

Xan birdən-birə qaşqabağını tökdü:

– Yeri arxalığımın döş cibində sarı təsbeh var, ver gədəyə. Dünən məclisdə aldım, yadımdan çıxıb qaytarmamışam. Tez ol, kişi narahat olar…

Xanım sallana-sallana getdi.

Həyət qapısı döyüldü. Nökər Əlimərdanın girdə sifəti göründü.

– Xan, Hacı Qafur gəlib.

İbrahim xan atmağa hazırladığı zərləri yavaşca taxta üstə buraxıb, ayağa qalxdı.

– Gəlsin, bu tərəfdən gəlsin.

Xan pərt olmuş oğluna baxdı. Əlini onun başına çəkdi:

– Yaxşı, sonra oynayarıq, – dedi, – get qızı göndər gəlib yığışdırsın.

Darvaza tərəfdən Hacı Qafurun gümrah səsi eşidildi.

Xan dodaqaltı:

– Zalım oğlu gurultuyla gəlir, – dedi.

Sonra gülümsəyib başını bulaya-bulaya otağa keçdi. Bu, geniş hündürtavanlı qonaq otağı idi. İri, üstünə atlaz örtük sərilmiş mizin dövrəsində məxmər oturacaqlı səndəllər düzülmüşdü. Yuxarı pəncərələrin şüşələri rəngbərəng idi. Göy, qırmızı, sarı. Aşağıdakılar isə adi şüşələrdən idi. Görünür, yuxarıdakılar yaraşıq, aşağıdakılar isə işıq və hava üçündü.

Hacı Qafur Gəncənin ən işgüzar adamlarından biri idi. Kimin şəhərlə nəyə ehtiyacı olurdu, Hacı Qafuru tapırdı. Kimə cins at lazımdır, Hacı Qafura desin. Yaxşı ov iti, yaxud qızılquş istəyirsə, Hacı Qafurdan soruşsun. Əla Kaşan xalçası lazımdır, Hacı Qafuru gör, mülk satmaq, elçiliyə adam göndərmək istəyirsən, Hacı Qafur hazır. Hacı Qafur Gəncə məclislərinin də bəzəyi idi. Kefcil, zarafatcıl bir adam idi.

Sifətində nəzərə dəyən uzun, ortası azca əyilmiş burnu idi.

İbrahim xan pilləkəndə ayaq səsləri eşidib qapıya tərəf yeridi. Xörək iyini duymuş Hacı Qafur qırmızı gözlərini hərlədib içəri boylandı.

– A kişi, sən məni əldən saldın. Bu böyüklükdə mahalda kimi tapıb gətirirəm, bəyənmirsən. Hacı Nəsirin xəttini bəyənmədin, şair Fazilin özünü, Şəfi əfəndinin də xasiyyətini. Axır eləsini tapmışam ki, gündüz çıraqla axtarsan tapa bilməzsən. Bunun da eybi var, özü də hamısından böyükdür, amma bilirəm ki, bəyənəcəksən… Niyə? Çünki dəryayi-elmdir. Müdriklərin müdriki… Quranı Hafizdən yaxşı bilir, Hafizi Qurandan. Xətt, nə xətt. Bayraq kimi tut, dünyanı gəzdir.

İbrahim xan razılıq əlaməti olaraq gülümsədi:

– Sən allah, qurtar məni bu arvadların cəngindən, – dedi. – Səhərdən axşamacan baş-beynimi aparırlar…

Səndəliyə yastılanmış Hacı Qafur:

– Sənin canınçın, İbrahim, mirzə burda gözümüzün qabağında, biz də düşmüşük o dağa, bu dərəyə.

– A bala, axı o mirzə kim ola?

Nökər Əlimərdan daxil olub süfrə saldı. Sonra yanaşı otaqda dayanmış kənizdən dolu nimçələri alıb süfrəyə düzməyə başladı. Otağı plovun xoş iyi bürüdü.

Hacı Qafur səndəlini irəli çəkib yerini rahatladı. Nökərin gətirdiyi aftafa-ləyəndə əllərini yuduqdan sonra xanla yeməyə girişdi. Hacı Qafur çolpanın budlarını dişinə çəkir, yeyə-yeyə danışır, İbrahim xan isə asta-asta gülürdü.

Gəncənin bu iki məşhur adamının yeyib-içdiyi bir anda küçədə, darvaza ağzındakı taxta oturacaqda şişpapaqlı, qara əbalı, qara saqqallı bir gənc oturmuşdu.

O, hündür, daş hasara söykənib, dalğın nəzərlərlə qarşısından ötüb-keçənləri seyr edirdi.

…Bax, Ozan tərəfdən gələn faytondakı dolu, qara saqqallı, qəhvəyi papaqlı o adam müctəhid İsmayıl ağadır. Ozanda cah-calallı mülkü, behişt kimi həyəti var.

Panabad tərəfdən gələn faytondakı isə molla Zülfüqardır. Onun da qırmızı kirəmitli evi, meynələrlə dolu geniş həyəti var. Özü isə Quranı höccələyə-höccələyə oxuyur.

Fayton fayton ardınca ötüb-keçirdi. O gələn kimdir? Aha…

Gəncin üzünə acı təbəssüm qondu. Axund Sədrəddin…

Birdən başı üstə yüksələn zil səs onu xəyaldan ayırdı. Şəfi yana çevrildi. Bu, bir az aralıda göy günbəzli Şah Abbas məscidinin kərpic rəngli qoşa minarələrindən yüksələn azan səsi idi. Azançıların biri pinəçi Oruc idi. Şəfi onu yaxşı tanıyırdı. Yazıq, yoxsul bir dindar idi. Səhərdən axşama kimi ikiqat olub, iki arşınlıq dükanda əlləşir, çox vaxt işindən ayrılıb məscidə gəlirdi ki, savabın hamısını özü qazansın. Şəfi göyə baxmaqdan yaşarmış gözlərini minarədən ayırıb, yüngülcə ah çəkdi və istehza ilə gülümsədi:

Yazıq… Behiştə gedəcək… Axund Sədrəddinin heç behişt yadına düşmür. Çünki səhərdən axşama kimi behiştdədir…

 
Min ev yıxıb tikirsiniz bir boş minarə,
Ərşə çıxıb yetmək üçün pərvərdigarə.
 

Bəs bunlar necə oldu? Yəqin ki, başları yeməyə qarışıb, yoxsa həyətdən səs-küy kəsilməzdi.

Yoldan, belində dolu un kisəsi aparan bir hambal, yanınca da kisənin sahibi keçirdi. Kisənin sahibi rəhmətlik Hacı Abdullanın qohumlarından idi. O, nifrət və istehza ilə Şəfiyə baxır, arabir hambala nəsə deyirdi.

Şəfinin yadına düşdü ki, bu gün cümə axşamıdır. Hacı Abdullanın qəbri üstə getməlidir.

«…Hacı, Gəncənin şərəfi, mənim xoş günlərimi də özünlə apardın… Başım nələr çəkmir, Hacı. Axşam sənə şikayətə gələcəyəm. Günortanın bu istisində, dərisi beş quruşa dəyməyən iki zat məni neçə saatdır ki, qapıda oturdub gözlədirlər. Özləri də bilir ki, nahar eləməmişəm».

Balaca çinar kölgəsinin yerini dəyişdikcə Şəfi də taxta oturacaq üstə yerini dəyişirdi. Nəhayət, darvazanın balaca qapısı cırıldayıb açıldı. Nökərin başı göründü:

– Əyə, gəl, çağırırlar.

Şəfi ağır-ağır qalxdı. Faytonların, arabaların qaldırdığı toz üst-başını tamam bulamışdı. Paltarına əl gəzdirib çırpdı, sonra həyətə girib gördüyü mənzərədən qeyri-ixtiyari duruxdu, tutqun, qüssəli gözləri geniş açıldı.

Şəfinin qarşısında iri bir həyət dururdu. Otlar əlvan xalı kimi hər yana döşənmişdi. Yaşıllığın qoynunda naxış kimi uzanan və budaqlanan cığırlar adamı, həyəti kölgələmiş üzüm tənəklərinin altına, boyları balaca, meyvələri bol olan ağacların dibinə aparırdı. Hər tənək dibindəki kölgəlikdə taxta oturacaqlar qoyulmuşdu.

Həyətin lap ortasında yüksələn xan çinarın altında mərmər hovuz vardı. Hovuz o qədər ağ idi ki, Şəfinin gözləri qamaşırdı. Fəvvarədən hovuza tökülən su, yarpaqlar arasından süzülüb keçən qızılı şəfəqlər altında göy qurşağı kimi rəngdən-rəngə çalır, şırıldayıb oynaşırdı.

Həyət başdan-başa gül-çiçək, hər yan tərtəmizdi.

Nökərin dalınca gedən və qəlbində sonsuz bir qubar aparan Şəfi başını qaldırıb göyə baxdı. Həyətin üstündəki səma da aydın, təmiz idi.

«…Ey qadir allah, dünyaya nə qədər bol gözəllik, səadət səpələmisən. Amma gör kimlərin həyətinə, kimlərin həyatına…»

Şəfi üst-başına baxdı. Köhnə tozlu çuxa, sürtülüb yeyilmiş əba, köhnə papaq… Şəfiyə elə gəldi ki, o, bu həyətdə təzə paltarda köhnə yumaq kimidir.

– A kişi, gəl, sonra baxarsan…

Başını aşağı dikib, nökərin ardınca ağır-ağır pillələri çıxdı.

Nökər qapını açıb əliylə Şəfiyə işarə elədi. Şəfi məstlərini çıxarıb içəri keçdi. Salam verib dayandı.

Başında araqçın olan İbrahim xan yeməkdən doyub, yumşaq səndəl üstə yastıqlanmışdı. İri, girdə gözləri, istehza və maraqla içəri girən cavan mirzəyə dikilmişdi. Çənəsində iri düyü dənəsi yapışıb qalmışdı.

Şəfi düşündü.

«…Görəsən bunların yeməkdən başqa da düşündükləri bir şey varmı?» Hacı Qafur başını əyib hələ də yeyirdi. Şərab kuzəsi yarıya qədər boşaldılmışdı.

İbrahim xan bu cavan haqqında eşitmişdi. Qabaqlar, hətta gərək ki, onunla hansı bir məclisdə də olmuşdu. Xan gözlərini qıyaraq:

– Səni hardasa görmüşəm, – dedi.

Şəfi təbəssümə bənzər bir ifadəylə başını tərpətdi:

– Ola bilər.

Xan onun sözlərinə əhəmiyyət verməyərək:

– Hacı Əbdürrəhmanın anasının yasında vardınmı? Hacı Abdullaynan? – soruşdu.

– Bəli, – Şəfi bu dəfə tutqun halda cavab verdi. Ağzındakı son tikəni udan Hacı Qafur:

– Bəli, bəli, – dedi. – Mən də ordaydım. Amma yaman da mübahisə düşdü ha…

– Deməli, Hacı Abdullaynan aşnaydın?

Şəfinin dodaqları titrədi.

Xan dinmədən başını aşağı dikib dayanan Şəfini süzdü…

Nəhayət, içəri girən nökərə sarı döndü. Əllərini yudu, sildi. Hacı Qafur da əllərini yuyub siləndən sonra, nökər süfrəni yığışdırmağa başladı.

– Hə…

Hacı Qafur yerində rahatlanıb, Şəfiyə tərəf döndü:

– Hə, necəsən? Otur, otur…

Şəfi gözucu səndələ baxdı, amma oturmadı. Hacı Qafur bundan razı halda xana sarı döndü:

– Yaxşı, nə deyirsən?

Xan gözlərini Şəfidən ayırmadan:

– Pis oğlana oxşamır, – dedi.

Nökər iki qəlyan gətirdi. Xan qəlyanın birini alıb:

– Qələmdan gətir, – dedi.

Nökər getdi. Hər ikisi qəlyanı sormağa başladı. Bayırdan şən uşaq çığırtısı eşidildi. Kimsə tup-tupla qaçdı. Sonra ayaq səslərinin sayı çoxaldı. Kimisə hədələyən qadın səsi eşidildi. Nökər əlində qələm-kağız içəri girdi. Xan başıyla Şəfiyə işarə edərək:

– Otur, baxtını sına, – dedi.

Cavan rəngi azca qaçmış halda səndələ yanaşdı, oturdu. Ayaqlarına xoş bir dinclik axdı. O, belə imtahanlardan çox çıxmışdı. Ancaq nədənsə heç birində indiki qədər həyəcanlı olmamışdı. Barmaqları titrəyirdi. «Yəqin ki, aclıqdandı» – deyə düşündü, O, barmaqları arasındakı gözəl, iri qaz lələyinə baxdı. Nə yazsın? Çox fikirləşmədi. Lələk sürətlə ağ vərəq üstə sağdan sola tərpənməyə başladı. Otaqda lələk cırıltısı və xanın fısıltısından başqa səs eşidilmirdi. Gah bu, gah da o biri səs qalib gəlirdi. Şəfi yazını bitirib ayağa qalxdı. Vərəqi xana uzatdı. Nəzərləri ani olaraq xanın iri barmaqlarındakı zümrüdqaşlı üzüklərə sataşdı.

Xan vərəqi aldı, o yan-bu yana tutub xeyli baxdı. Ancaq nədənsə daha Şəfinin ürəyi bayaqkı kimi həyəcanlı döyünmürdü. Nəhayət, xan gülümsədi. Bunu görən Hacı Qafur yerindən qalxıb vərəqə sarı boylandı.

– Bəh, bəh, – dedi.

Xan yenidən Şəfiyə baxdı. Ancaq bu dəfə nəzərləri xeyli həlim idi.

– Bəli, xəttin də yaxşıdır, sözlərin də…

Şəfi təbəssümünü güclə boğdu. Beyt onunku deyil, Hafizin idi.

Xan qapıda dayanmış nökərə:

– Züleyxanı çağır, – dedi.

Nökər gedəndən sonra İbrahim xan qəlyana qullab vurub, yenə iti, sınayıcı nəzərlərini Şəfiyə zillədi.

– Bilirsənmi kimə dərs deyəcəksən?

Şəfi astaca:

– Xeyr, – dedi.

– Mənim qızıma.

Xan verdiyi xəbərin böyük təsirini gözləyərək, Şəfinin üzünə baxdı. Ancaq onun qarşısındakı yoxsul mirzənin yalnız qaşları azca çatılmışdı.

– Özün bilirsən ki, – xan ağır-ağır danışmağa başladı, – sənin haqqında şəhərdə çox da yaxşı söhbətlər getmir. Bütün Gəncədə çox az ağzıdualı mötəbər adam tapılar ki, sənin barəndə yaxşı sözlər danışsın. Amma bunların hamısı, necə deyərlər, bir saman çöpüdü. Lap kafir də olsan, mən sənin təmiz, doğruçu, namuslu adam olduğuna inanıram. O səbəbə ki, əvvələn, Hacı Qafur sənə inanmasaydı, heç vədə mənim evimə gətirməzdi, saniyən özüm də söhbətlərdən bəzi şeylər götürmüşəm.

Şəfi nəzərlərini aşağı dikib dayanmışdı. Yalnız hərdənbir, xan səsini ucaldanda başını qaldırıb ona baxırdı. Yanaşı otaqda yüngül ayaq səsləri eşidildi, qapı açıldı.

Otağa bəstəboy, gənc, gözəl bir qız daxil oldu. Başında qızıl saplarla haşiyələnmiş araqçın, əynində qırmızı xaradan çəpkən, naxışlı ipək don var idi. Ayaqlarına gümüş işləməli parça çəkilmiş başmaq geymişdi. Qız otaqda yad adam görüb qızardı.

İbrahim xan əlinin işarəsiylə onu çağırdı.

– Qızım, bu kişini sənə dərs deməyə çağırtdırmışam.

Xan hələ də ayaq üstə başını aşağı dikib dayanan Şəfini göstərdi. Şəfi o dəqiqə hiss etdi ki, xan «kişi» deməklə qıza müəllimiylə onun arasındakı yaş fərqini xatırlatmaq istəyir.

– Bu da xətti. Bax, gör bəyənirsənmi?

Qız məlahətli yerişlə atasına yanaşıb vərəqə sarı boylandı.

Şəfi başını qaldırdı. Qız dodaqlarında incə bir təbəssüm, başıyla xətti bəyəndiyini bildirdi. Sonra başını qaldırıb cavana baxdı.

Şəfi daha qıza sarı baxmadı. Amma yalnız indi düşündü ki, hələ xoşbəxtlikdən həmişəlik uzaq düşməmişdir. Tale hər an insanı xoşbəxt edə bilər.

– Yaxşı, sən də get, sabah səhər çörəyini yeyib gələrsən…

Şəfi qəlbində xana qarşı birdən-birə nifrət duydu. Çevrilib otaqdan çıxdı. Dəhşətli surətdə acdığını da elə bil indi hiss etdi.

Küçəyə çıxanda sevincli, qəmli hisslər qəlbini çulğalamışdı. Nə isə gizli bir ümid və bu ümidin yolunu kəsən ümidsizlik dağları…

Evdə də yeməyə heç bir şey yox idi. Evdə deyəndə yəni məsciddə… «Yenə Gülpəri xalagilə gedimmi?»

– Ehey, yatmısan, ya sərxoşsan?

Şəfi diksinib yoldan çəkildi. Fayton toz qoparıb keçdi.

Qabaqdan başqa bir fayton gəlirdi. Aha, faytondakı deyəsən Lətifdir.

Lətif Şəfinin uşaqlıq, gənclik dostu idi. Ucu haça qamışla Fatma arvadın həyətindən üzüm oğurluğuna getmələri yadına düşdü. Şıx düzündə yaranal Paskeviçlə Abbas Mirzənin qoşunları arasında dava vaxtı həmişəlik qardaş olacaqlarına and içmələri… İyirmi iki, iyirmi üç yaşlarında Bağmannar məhəlləsindəki daş körpü üstə oturduqları günlər… Cibləri boş, ürəkləri dolu günlər…

– Şəfi, bolluca pulun olsaydı, neylərdin?

Şəfi dostunun üzünə baxıb gülümsəyir:

– Bəs sən neyləyərdin?

– Mən?

Lətif xəyala gedib ah çəkdi:

– Yaxşı bir ev tikdirərdim, sonra da gözəl bir qız alardım. Sonra da, sonra bir dükan açıb yavaş-yavaş alverə başlayardım. Bəs sən? Sən necə eliyərdin?

– Mən də sənin kimi.

– Şəfi, and olsun allaha ki, pulum olsa, əvvəl bunların hamısını səninçün eliyərdim, sonra özümçün.

Şəfi dostunun üzünə, gözlərindəki səmimiyyətə baxır. Lətifin ürəkdən dediyinə heç bir şübhə eləmir…

İndi həmin Lətifdir ki, faytonda gəlir.

Şəfinin gözləri gülür, dostu Lətif gəlir.

Amma…

Fayton vıyıltıyla ötüb-keçir. Şəfi dərin ağrı və məyusluq içində başını aşağı endirdi.

«Belə… Gözlərimin içinə baxa-baxa ötdü. İndi mən hara gedim? Gülpəri xalagiləmi? Onun-bunun həyətini süpürüb pal-paltarını yumaqla ruzi qazanan qarının çörəyinə şərik olunca ac qalmaq yaxşı deyilmi?».

Şəfinin yeganə sığınacağı qədim Şah Abbas məscidi onun qabağında dayanmışdı. – «Gedib bir az soğan-çörək yeyim, sonrası allah kərimdir… Qarıdan bir-iki tümən də borc alaram».

Yadına düşdü ki, sabah İbrahim xangilə gedəcək, onun gözəl qızına dərs deyəcək. Eh… Qayğılarını qovurmuş kimi əlini yelləyib Çərçəvaza tərəf yollandı. Orda kiçik bir daxmada onun ən ümidsiz günlərində yeganə əl tutanı, bütün Gəncədə onun kimi yeganə, təktənha və kimsəsiz olan bir adam, bir qarı yaşayırdı. Hacı Abdullanın bibisi və Gəncədə yeganə yadigarı…

2

Gün doğmuşdu. Səmada ağ buludlar görünürdü.

Əyri-üyrü, ensiz küçələrdən keçən arabalardan, faytonlardan sonra atlı, eşşəkli yolçular bəzən toz içində görünməz olurdular.

Dördyol məhəlləsi boyunca düzülən saysız-hesabsız dükanlar yenicə açılmış, alış-veriş başlanmışdı. Əli təbərzinli dərvişlər dükanların qabağıyla gəzinib qəsidə deyir, təsbehli, göy qurşaqlı seyidlər isə içəri soxulub dükançılarla görüşür, səhər-səhər onları xərcə salırdılar.

Xırdavatçıların səsləri halva, saqqız satanların çığırtısına qarışmış, misgər və dəmirçixanalardan yayılan cingilti isə Ozan məhəlləsinə qədər gedib çıxırdı.

Şəfi qoltuğunda kitab məsciddən çıxanda səhərdən xeyli keçirdi. O, daş pilləkənləri düşüb dayandı. Başını qaldırıb çinarlar arasından görünən tünd-mavi səmaya baxdı. Külək əsməsə də, qocaman çinarlar xəfif-xəfif xışıldayırdı.

Əbalı, əsalı qocalar, qara çadra içində itmiş qarılar bir-birlərinin dalınca məscidin açıq darvazasından həyətə girirdilər. Vaxta hələ xeyli qalmasına baxmayaraq, indidən günorta namazına gəlirdilər. Şəfi hər gün gördüyü bu adamları addım səslərindən tanıyırdı. O, yavaş-yavaş yeriyib həmişəki kimi darvaza ağzında oturmuş Qulamhüseynə salam verdi. Bu kor qoca da Şəfini ayaq səsindən tanıyırdı. Onun quru sinəsində nə qədər hikmətlər yatırdı…

Bəli, deməli bu gündən xan qızına dərs deyəcək… Bu yeni ümid vadisində onu nə gözləyir? Belə vadilərdən nə qədər keçib gedib? Bir zaman Püstə xanıma da dərs dedi. Gəncə hakiminin qızı Püstə xanım o dərəcədə gözəl deyildi, amma xeyirxah, nəcib bir qız idi. Gözlənildiyi kimi o, Şəfini sevmədi. Şəfi də hisslərini boğdu. Qəlbində açılmaqda olan güllər qönçə kimi soldu.

Sonra Cavad xanın oğlu Uğurlu xan, Abbas Mirzə ruslara məğlub olanda İrana qaçdı. Püstə xanım Şəfiyə nə qədər yalvardı: «Gəl gedək, həmişəlik bizimlə yaşayarsan. Evlənərsən, yurdun-yuvan olar». Şəfi getmədi. Çünki o, İrana yaxşı bələd idi. Ora Şəfinin yeri deyildi. Bir də səadətini özün qazanmasan nə ləzzəti?

 
İstər fəlakət olsun, istər səadət olsun,
Nə qəm, gülmək, ağlamaq qoy sənə qismət olsun.
Sən özün qazanmasan səadətini hərgah,
Onu sənə verəmməz nə bir allah, nə bir şah.
 

– Şəfi bütün varlığıyla bu doğma şəhərə – Gəncəyə bağlı idi. O da böyük Nizami kimi, Gəncənin başqa böyük oğulları kimi burda doğulmuş, burda da dəfn olunacaqdı.

Görəsən o solğun, zərif Püstə indi haradadır? Şəfini yada salırmı?

Püstədən sonra neçəsinə dərs deyib? Axund Ələsgərin oğulluğu Fətəliyə, kababçı Əzizin oğlu maymaq Nurəddinə, misgər Xəlilin qızı, adı nəydi, hə, Şərafət.

Hamısı unudulmuşdu… Onlar Şəfini, Şəfi də onları unutmuşdu. Bircə Fətəli yaddan çıxmırdı.

«…Deyirlər, Tiflisdə qulluqdadır. Zəkalı uşaq idi. Yaman bədbəxt olacaqdı. Yaxşı ki, sözümə qulaq asdı. Kim bilir, bəlkə də bir vaxt böyük adam oldu. Necə olsa məni yada salar. Bəlkə də yox.

İllər tüstü kimi dağılıb gedir. Otuz ilim… Gəncə ömrümün otuz ilini oğurlayıb apardı. Otuz il… Bəs hanı səadət? Nə qədər gözləyərlər, nə qədər axtararlar, nə qədər, nə qədər»?

– Salam, Mirzə.

Şəfi dərindən köks ötürüb, səs gələn tərəfə baxdı.

Cəmaləddin? Bir zamanlar Şəfinin ən yaxın dostu, sonralar onu ələ salan, dalınca olmazın sözlər danışan, şayiələr yayan Cəmaləddin. Görəsən nə olub?

Cəmaləddin onun qoluna girdi.

– Gəl, gəl Əzizin dükanında kababdan-zaddan tapşırıb, bir az söhbət eləyək.

O, Şəfinin soyuq nəzərlərini görüb gülümsədi.

– Bilirəm, məndən incimisən. Hamısı yalandır. Dalımca sənə nə deyiblər, hamısı yalandır.

Cəmaləddin zorla onu çinarın kölgəsinə çəkdi:

– Nə olub axı? Sən allah, bircə kəlmə danış görək.

O, qolunu Şəfinin boynuna dolamaq istədi. Şəfi mane olarkən Cəmaləddinin əli onun papağına toxundu. Cəmaləddin papağı havada tutdu.

– Neçə vaxtdır ki, səni görmək istəyirəm, ancaq əlim çatmırdı. – Gözləri, hərəkətləri isə aşkar deyirdi ki, yalan danışır. – O gün gecə yerimdə fikirləşirəm ki, ay balam, axı bizə nə oldu? Hansı şeytan aramıza girdi? Niyə bir-birimizdən soyuduq? Əlbəttə, təqsirin çoxu məndədir, ancaq öz aramızdı, səndə də az deyil. O boyda ev tikdirdim, bütün mahal gəldi, sən gəlmədin.

Şəfi qızardığını hiss etdi, «Alçaqlığa bax, nökəri məni qapıdan qaytaranda elə bil özünü görməməzliyə vuran bu deyildi.. Görən məqsədi nədir?».

Nə isə, keçib gedər. Yenə dost olacağıq. Gəl, gəl, sən allah, keçək dükana.

Cəmaləddin bu sözləri o qədər səmimi dedi ki, Şəfinin ürəyi xeyli yumşaldı. Ancaq onu gözləyirdilər.

– İşim var, getməliyəm.

– Heç eybi yoxdur. De görüm nə işdir, yoxsa qulluğa giribsən?

Cəmaləddinin qısa qaşları birdən-birə dartıldı. Cəngləri qaçdı:

– Hə, eşitmişəm İbrahim xanın qızına dərs deyirsən.

Şəfi qızardığını hiss edərək, azca tutulmuş halda dilləndi:

– Elə onlara gedirəm.

Cəmaləddinin sifəti yastılandı. Gözləri parıldadı.

– Nə yaxşı oldu. Nə yaxşı oldu.

– Nə olub ki?

– Eşitməyibsən?.. Hı, mən axı onun qızını istəyirəm. Nə müddətdi ki, dəli-divanəyəm. İşimi allah gör nə yaxşı düzəltdi…

O, hey danışır, Şəfi isə qulaq asmırdı.

…«Bəli, allah sənin kimilərinin işlərini həmişə yaxşı yoluna qoyur. Bir dəfə evlənib talağını vermisən, indi də ikincisinə hazırlaşırsan. Özü də gör kimlə. Gör necə qıza göz dikibsən. Niyə də istəməyəsən? Mülk, dükan, bağ-bağça, qohum-əqrəba».

Şəfi elə bil indi başa düşdü ki, dünən gördüyü, indi yanına gedəcəyi qız nə qədər gözəldir. Ürəyi riqqətlə vurdu.

Şəfi Cəmaləddinin uzun söhbətindən başa düşdü ki, keçmiş dostu onu özüylə xan qızı arasında vasitəçi etmək istəyir. Bunu hiss edərkən, əvvəlcə özünün təhqir edildiyini düşünərək bərk kədərləndi, sonra bu sözləri deyənin kim olduğunu yadına salıb öz-özünə güldü.

Şəfi hər cür etirazın mənasız olacağını hiss edib canını qurtarmaq üçün:

– Yaxşı, baxarıq, – dedi.

Cəmaləddin isə əl çəkmək istəmirdi:

– Axşam səni harda gözləyim? Qonaq eləyəcəyəm.

Sonra arxadan qışqırdı:

– Narınqalada gözləyirəm.

Şəfi başıyla razılıq eləyib dükanların qabağı ilə uzaqlaşdı.

Səhərki ümidlər qəlbində tamam yoxa çıxmışdı. Özünün nə qədər miskin vəziyyətdə olduğunu elə bil indi dərk etmişdi. Əgər belə olmasaydı, Cəmaləddin kimi kütbeyinin biri onu özünə vasitəçi etmək istəməzdi.

«Deməli, belə. Artır mənimçin hər şey qurtarıb gedib».

Sağından, solundan çadraya bürünmüş qadınlar ötüb-keçir, bəzilərinin gözləri çadra arasından baxır, elə bil ona meydan oxuyurdular.

İbrahim xanın darvazası göründü. Darvaza ağzında iki fayton dayanmışdı.

«Yəqin qonaqları var. Elədir. Bizim yerin faytonlarına oxşamırlar. Bəlkə heç getməyim? Yox, yaxşı olmaz. Bəlkə məni gözləyirlər?»

Atlar tənbəl-tənbəl başlarına keçirilmiş torbadan arpa yeyir, arabir fınxırırdılar.

Şəfi faytonların arasından keçib tərəddüdlə darvazanın balaca qapısını açdı.

Qucağında qoyun qarın-bağırsağıyla dolu teşt aparan nökər Əlimərdan uzaqdan onu görüb hayladı:

– Gəl, xan səni gözləyir.

Sonra o, eyvanda dayanmış uzunsov sifətli nökəri səslədi. Nökər darvazaya sarı boylanıb otağa girdi. Sonra çıxıb əli ilə Şəfini çağırdı.

Şəfi kərpic ovuntusu tökülmüş yolla gedə-gedə həyətə göz gəzdirdi. Darvazadan bir az kənarda beş-altı qoyun bağlanmışdı. Deyəsən qonaqlar gətirmişdilər.

Üç nəfər qollarını çırmalayıb, mərmər hovuzda yuyunurdu, ətli, tüklü sinələri görünürdü. Bayaqkı uzunsov sifətli nökər qolu üstə bir neçə dəsmal hovuza tərəf gəlirdi. Qonaqlar bərkdən danışıb-gülür, zarafatlaşırdılar.

Həyətin o başında üzüm tənəkləri altında süfrə açılmışdı. Çünki qab-qacaqlar yaşıl yarpaqlar arasından süzülüb keçən şəfəqlərin altında bərq vururdu.

Şəfi nökər Əlimərdanın dalınca pilləkənləri çıxdı. Gedib eyvanın o başındakı otağın qapısında dayandılar. Əlimərdan qapını açıb içəri girdi. Az sonra başını qapıdan çıxarıb:

– Gəl, – dedi.

Şəfi içəri girdi. Otaqda kök bir qadın bardaş qurub oturmuşdu. Züleyxa isə qadının dizinə dirsəklənib nəzərlərini qapıya zilləmişdi. Gözəl, badamı gözlərində izaholunmaz bir məlahət, şıltaq, nazlı uşaq ədası əks olunmuşdu.

Şəfi salam verib, qapı ağzında dayandı. Xanım onun həyəcanlanmış üzünə baxıb, başıyla məxmər oturacaqlı səndəli göstərdi:

– Otur. Hə, danış görüm kimlərdənsən? İbrahim mənə heç bir söz deməyib.

– Atam Kərbəlayı Sadıq, anam Səlimə idi. Ömürlərini sizə bağışlayıblar.

– Hər ikisinə allah rəhmət eləsin.

– Xanım yəqin ki, tanımamış olmaz, atam Cavad xanın bənnası idi.

Şəfi danışdıqca Züleyxa qırpımsız və təəssüf ifadə edən nəzərləri ilə ona baxırdı. Şəfinin gözləri hər dəfə bu nəzərlərlə rastlaşanda ona elə gəlirdi ki, Züleyxanın üzündən, gözlərindən, tellərindən aramsız olaraq ətrafa ətir, gözəgörünməz xoşbəxtlik dalğaları yayılır.

– Evləriniz ha tərəfdədir?

Şəfi bu dəfə də gülümsədi. Ancaq onun gözlərində acı bir kədər vardı. Bəlkə onun yerinə başqası olsaydı, heç olmazsa burada yalan deməyi özünə rəva görərdi. Ancaq Şəfi:

– Atam yaxşı bənna olsa da, Gəncədəki evlərin çoxunu tiksə də, özüyçün siz deyən elə bir şey tikməmişdi.

Xanım, yəqin ki, xına qoyduğuna görə günbəzvarı bağlanmış başını yırğalayaraq:

– Aləmi bəzər, özü lüt gəzər, – dedi və Şəfinin ürəyinə sərinlik yayan bir təbəssümlə gülümsədi. Züleyxa da altdan-yuxarı anasına baxıb, təəssüf hissi ilə gələcək müəlliminə nəzər saldı.

Şəfi təsdiq elədi.

– Bəli, bir köhnə ev qalmışdı, onu da qardaşım satıb Mənsurluya, dayımın yanına köçdü.

Xanımın gözləri qıyıldı.

– Bəs indi harda qalırsan?

Şəfi ani olaraq Züleyxaya baxdı, sonra tutqun halda:

– Məsciddə, – dedi.

Aralığa uzun, cansıxıcı sükut çökdü. Şəfi başını aşağı dikib düşünürdü: görəsən indi Züleyxa onun barəsində nə fikirləşir?

Şabalıdı saçları dəstə ilə alnından yana dağılmış Züleyxa başını qaldırdı. Gözəl gözlərini yoxsul, kimsəsiz mirzənin üzündə, saqqalında, çənəsində, kitab tutan əlində, hətta əlinin damarlarında gəzdirdi. Şəfi başını qaldırarkən Züleyxanın mənalı baxışlarını sezdi.

– Yaxşı, Mirzə, qıza əlifbeyni nə müddətə öyrədə bilərsən?

– O, qızdan asılıdır. Əgər hafizəsi olsa, çox tez. İstəsəniz ərəb, fars dillərini də öyrədərəm.

Züleyxa şən hərəkətlə anasının dizini qucaqladı. Şəfi qızın süd kimi ağ, hamar və zərif boynunu gördü. Qızın belinin necə qıvrıldığını hiss etdi.

– Ana, nə yaxşı olar.

Birdən-birə isti bir axın Şəfinin bütün varlığını titrətdi. Ona elə gəldi ki, qəlbində şəfəq sökülür, bahar çiçəkləri yırğalanır, bülbüllər cəh-cəh vurur.

Xanım, qızın bu cazibədar coşqunluğundan xoşlanmayaraq qaşqabağını tökdü:

– Ərəb-fars dili nəyinə lazım? Oxuyub-yaza bilməyin kifayətdir, – dedi.

Sonra ürəyi gup-gupla döyünən Şəfiyə sarı döndü. Gözləri xanımın azca qaralmış dodaqlarında olan Şəfi, Züleyxanın anasına qətiyyən oxşamamasına təəccüb edə-edə düşündü ki, indi sanki xan arvadı deyil, onun taleyi danışacaq…

– Yaxşı, mən razı. Günaşırı gəlib elə bu otaqda məşğul olarsız. Hərdən mən, ya da Zeynəb gəlib qulaq asarıq. Bu gün get, başımız qonaqlara qarışıb, sabah bir az bundan tez gələrsən.

Şəfi ayağa qalxdı. Züleyxa yerə baxırdı. Elə bil gözlərini onun sonsuz həsrətindən gizlətmək istəyirdi. Şəfi eyvana çıxdı. Hiss etdi ki, qəlbinin sevinci tüğyan edir. Axı neçə müddət idi ki, gözəlliyə bu qədər yaxın olmamışdı. Dərs dediyi qızların heç biri Züleyxa ilə müqayisə oluna bilməzdi. Şəfi fikirlər içində pillələri düşdü.

İbrahim xan başında təzə araqçın həyətin o başında göründü.

Şəfi dayandı. Qonaqların biri həyəti, meyvə ağaclarını seyr edir, o biri iki nəfər isə Əlimərdanın tutub saxladığı atlara baxırdılar. İbrahim xan Şəfiyə yaxınlaşıb laqeydcəsinə:

– Hə, nə oldu? – dedi.

– Sabahdan dərsə başlayırıq.

Xan:

– Allaha şükür, allaha şükür, – dedi və yenə laqeyd halda uzaqlaşdı.

– Eldar xan, dediyim «Qızıl yal» bax odur. Sizin canınızçın, bir dəfə o məni Göycə göl tərəfdə güllə ağzından qurtardı. – Təriflədiyi atın yalını sığallamağa başladı.

– Siz allah, bura baxın, doğrudan da qızıldır. Beli görün necə yastıdır. – Adə, – nökərə sarı çığırdı: – Bəs Qəmər hanı?

Nökər gözlərini döydü:

– Tövlədədi.

– Bəs onu niyə gətirməmisən? Yeri, maymaq oğlu maymaq.

Qonaqlardan sarıbığlı birisi əliylə nökərə dayanmasını işarə edərək:

– İbrahim xan, – dedi, – bilirsənmi nə var? Baxmaqdan bir şey çıxmaz.

O, razılıqla gülümsəyən yoldaşına baxdı.

– Əgər atlarının filhəqiqət nadir şeylər olduğunu sübut eləmək istəyirsənsə, nökərə bica yerə əziyyət vermə. Nahardan sonra gedib Şıx düzündə yoxlarıq. Çünki at ki var, arvad kimi şeydir…

İbrahim xan pərt olsa da özünü sındırmadı:

– Mən razı, – deyib, başıyla nökərə atları aparmağı işarə etdi.

Əlimərdan atların cilovunu tövləyə sarı çəkdi. Şəfi onun yerişini seyr edib qeyri-ixtiyari gülümsədi. Nökər dal pəncələri üstə yeriyən ayıya oxşayırdı.

Çoxdan bəri minilməyən atlar yallarını silkələyir, fınxırırdılar. Qonaqlar və xan dayanıb tamaşa edirdilər.

– Ə, bir bəri döndər.

Nökər xanın əmrini eşidib atları dairə gəzdirib geriyə döndü. Atlar yeridikcə sinələrinin əzələləri oynayır, qızılı yalları, dəriləri bərq vurur, gur qara və boz quyruqları şəlalə kimi dalğalanırdı. İncə ayaqlarından tutmuş, ceyran kimi qaçmaq ehtirası ilə yanan gözlərinə qədər bütün əzaları qüvvətlə köpürüb daşırdı.

Nəhayət, atların quyruqları evin tinində yox olanda Şəfi də tamaşadan ayrılıb, yavaş-yavaş darvazaya sarı yeridi.

Yolla gedir və düşünürdü…

 
Hardadır yer cənnəti? – Bir sevdanın telində,
Gözəllərin gözündə, köhlənlərin belində…
 

«…Züleyxa, sultanım, sənin bu gənc, bu qüdrətli gözəlliyin məni hara çağırır? Səadətin qızmar çöllərinəmi? İztirabların solğun bağçalarınamı?»

O, bazarın yanıyla gedirdi. Baqqallar, dəmirçilər, misgərlər, dərzilər, papaqçılar alveri, işi şagirdlərinə tapşırıb günorta yeməyinə məşğul idilər. Piti və kababxanalar adamla ağzınacan dolu idi. Hamballar xanların, bəylərin, tacirlərin bazarlıqlarını evlərə daşıyırdılar.

3

Bir-birinin qoluna girib, oxuya-oxuya gələn iki cavan qapı ağzında dayandı. Onlardan Naci adlı birisi açıq qapıdan içəri boylandı.

Kabab, qəlyan, tiryək tüstüsü ilə dolmuş geniş otaqda o yan-bu yana tərpəşən saysız-hesabsız adamların ancaq başları görünürdü. Bir az keçdikdən sonra məlum oldu ki, içəridəkilər iki-iki, üç-üç mütəkkələrə söykənib qəlyan çəkir, nərd atır, şərab içirlər. Tüstü tütün iyinə, şərab qoxusuna qarışmışdı. İçəridə güclə nəfəs almaq olurdu.

Bura Narınqaladakı məşhur meyxana idi. Naci burnunu ovuşdurub narazı nəzərlərlə dostuna sarı döndü:

– Cavad, deyəsən axı yer yoxdur? Gəlsənə qayıdaq, bu gün içməyək, hə?

Cavad qaşqabaqlı halda meyxananı seyr edir, gözlərilə boş yer axtarırdı. Naci isə az qala yalvarırdı:

– Sən öl, gecə Ələddinə söz vermişəm. Bu gün içməyək, onsuz da…

Cavad əlinin hərəkəti ilə Nacinin sözünü kəsdi, qolundan tutub dalınca içəri çəkdi. Lap küncdə iki yer boş idi. Naci dartına-dartına deyirdi:

– Cavad, mən ölüm… Gecə içəndə yata bilmirəm. Cavad onu divara sarı itələdi.

– İçmirsən, içmə.

Naci yan-yörəsinə baxıb istər-istəməz oturmalı oldu. Cavad piştaxtaya sarı getdi. Arxası Naciyə tərəf oturmuş bir nəfər qəlyana qullab vurdu. Boğazına tüstü dolan Naci öskürməyə başladı, sonra yerini rahatlayıb içəridəkiləri seyr etdi. Nacinin qabağında bir qocayla bir cavan nərd oynayırdılar. Cavan əsəbiləşir, tez-tez zərləri söyürdü. Deyəsən uduzurdu. Qoca isə sakitcəsinə öz işində idi. Onlardan o tərəfdə iki ahıl kişi üç-dörd kuzəni divar dibinə yan-yana qoyub, dinib-danışmadan içirdilər. Onlarla üzbəüz yenə iki adam oturmuşdu. İkisi də qəlyan çəkirdi, tüstü arxasından sakitcə bir-birini seyr edirdilər. Hər ikisinin gözləri süzülürdü. Deyəsən içib dəmlənmişdilər…

Bir az o tərəfdə isə iki cavan oturmuşdu. Biri mütəkkəyə dirsəklənib qəlyan çəkir, o biri isə ara vermədən danışırdı. Qulağının dibində çeçələ barmağın yarısı boyda şiş vardı.

O biri qəlyan çəkən isə qara saqqallı, nazik qara bığlı bir cavan idi. Alnı qırışlarla dolu idi. Gözləri gah ani sevinclə parlayır, gah da tutqunlaşırdı.

Naci onların nə barədə söhbət etdiklərini öyrənmək istədi. Ancaq ayrı-ayrı sözlərdən başqa heç nə eşitmək olmurdu.

– Bura bax, deyəsən içməmiş xumarsan…

Naci gözlərini cavanlardan ayırdı. Bayaq dediklərini unudaraq həvəslə dikəlib, kuzələri Cavaddan ala-ala dedi:

– Eşitməyibsən şair nə deyib:

 
…Tərk edib meyxanəni meysiz xumaram indi mən.
 

– Bəh, bəh.

Cavad qəlyan dalınca getdi.

Birdən-birə meyxanada bərk qəhqəhə qopdu. Naci başını qaldırdı. Həmin iki cavan idi. Onlardan böyrü Naciyə tərəf olanı bərkdən gülürdü. Qəhqəhəsi bütün meyxananı başına götürmüşdü.

Cavad hər əlində bir qəlyan qayıtdı. Ancaq o, qəlyanları Naciyə vermədi. Dayanıb qəzəbli nəzərlərlə gülənləri seyr etdi. Deyəsən cavanların bu saymazyana gülüşü onun xoşuna gəlmirdi. Cavadın xasiyyətinə bələd olan Naci:

– Əşi, otur görək, – dedi, – bənd olma. Bura kef yeridir, qoy gülsünlər.

Yastısifətli Cavad heç bir söz deməyib oturdu. Naci qədəhlərə şərab süzdü.

– İçək ki, sabahkı ovumuz…

– Xa-xa, xa-xa…

Qəhqəhənin qopmasıyla Cavadın əlindəki qədəhi yerə çırpması bir oldu. Xəncərini çəkib ayağa sıçradı.

– Adə, köpəy oğlu, camaatı adam-zad saymırsan?

Bütün meyxana bir-birinə dəydi. Çığır-bağır, adə, qoyma, sədaları meyxananı bürüdü. Cavadın gümüş xəncəri havada parıldayırdı.

Qəhqəhə çəkən cavan isə rəngi ağarmış halda donub qalmışdı. Naci Cavadı buraxıb, özünü oğlana yetirdi. Qolundan tutub çölə dartdı.

– Qardaşoğlu, tez ol, tez ol, çölə çıx.

Cavanın yanındakı şişpapaqlı da Nacinin sözlərinə qüvvət verdi.

– Gedək, Cəmaləddin, gedək.

Naci də mütəəssir olmuş halda onlarla birlikdə çölə çıxdı. Cavad hələ də içəridə nərildəyirdi.

Naci şişpapaqlı cavanın qolundan tutdu.

– Bağışlayın, adınızı da bilmirəm, yaxşı düşmədi, sən allah bağışlayın. İnşallah görüşsək, hökmən bunun xəcalətindən çıxaram. Hələlik…

Cavanlar uzaqlaşdı. Naci onları seyr edir, düşünürdü: – Harda görmüşəm bu şişpapaqlını, harda görmüşəm?

O, başını silkələyib içəri girdi. İndi də içəridə tar-qaval çalınırdı. Cavad isə heç bir hadisə baş verməmiş kimi meyxana sahibi ilə birlikdə əl çalırdı.

Bir azdan iki dost – Cavadla Naci mütəkkələrə dirsəklənib içir, qəlyan çəkir, söhbət edirdilər. Ancaq Naci şişpapaqlı cavanı, onun gözlərindəki ifadəni unuda bilmirdi. Cavad əlini yelləyib çığırdı:

– Gördün də, həriflər arvad kimi qaçdılar.

Artıq keflənmiş Naci birdən-birə nəsə xatırladı, əlini uzadıb Cavadın çiyninə qoydu:

– Sən onları tanıyırdın?

Cavad neypuşu ağzından çıxartdı:

– Necə tanımırdım? Biri, o yekəbaşlısı, Murtuza oğlu Cəmaləddindi, o biri də…

– Hə, o biri, o biri kimdi?

– O biri? Kərbəlayı Sadıq vardı ha, yəni ölüb ha, bənna Sadıq, onun oğlu Şəfi.

– Şəfi?

– Hə, şair Şəfi, Mirzə Şəfi, deyirəm axı harda görmüşəm, kiminlə görmüşəm? Gorbagor Hacı Abdullanın dost-aşnası. Eşitməmisən, gör bir nə deyib:

 
…Nə qədər kim fələyin sabiti səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
 

Heyrətdən Nacinin ağzı açıla qalmışdı…

4

Şəfi həyətə girəndə Züleyxa qardaşı Əbülfəzlə qaçdı-tutdu oynayırdı. Oğlan qaçır, bacısı qovurdu. Səsləri bütün həyəti başına götürmüşdü.

Zeynəb xanım iri sırğagülünün kölgəsində oturub uşaqlara tamaşa edirdi. Onlar isə hey gül kolluqlarının, hovuzun, meyvə ağaclarının başına fırlanırdılar. İkisi də tövşüyür, ikisinin də üzü od tutub yanırdı…

Şəfi yerindəcə donub heyran-heyran baxırdı. O, ilk dəfə idi ki, qız qamətinin gözəlliyini, belinin incəliyini bu qədər yaxından görürdü.

– Yaxşı, bəsdirin.

Zeynəb xanım ayağa qalxdı. Eyvanın o başında kəniz göründü.

– Xanım, xəmir acıyıb.

Zeynəb xanım:

– Üstünün yükünü azalt, – dedi. Sonra Əbülfəzə sarı döndü.

– Tez ol qaç Fatma nənəgilə. Deyinən gəlsin, xəmir acıyıb, onu gözləyirik.

Xanım darvazaya boylandı:

– Bu Mirzə harda qaldı? Əlimərdan, bir darvazaya çıx bax, gör gəlirmi?

Nökər yerindən tərpənməmiş, azca pörtmüş Şəfi göründü.

– Aha, gəldi ki…

Əvvəlcə xanım, sonra da yanındakılar şaqqanaq çəkib güldülər. Birdən-birə necə oldusa, Şəfi də gülümsədi. Yəqin ona görə ki, Züleyxa da səndəli tutub, başını azca yana əymiş halda gülümsəyirdi. Şəfi qızın üzünü görən kimi bütün kədərinin dağıldığını hiss etdi.

Xanım, nəhayət, qaqqıltısını kəsib, başını silkələdi:

– Ay səni salamat olasan, elə bil bizi gözləyirmişsən. – Sonra əli ilə eyvanı göstərdi: – Keçin otağa, biz də indi qıznan gəlirik.

Qabaqda Əlimərdan, dalınca da Şəfi uzun eyvanla yeriyirdilər. Şəfi hələ də başının ağrıdığını hiss edirdi. Yəqin ki, dünənki şərabın təsiri idi. Dünən meyxanadakı hadisələr, Cəmaləddinin vəcdlə, ara vermədən Züleyxadan danışması, Şəfinin lətifəsindən sonra qəhqəhə ilə gülməsi, sonrakı dava-dalaşlar, şamların işığında parıldayan xəncər, bütün bunların hamısı xəyal kimi uzaqlaşır, haraya isə gedirdi. Dünən gecəki hadisələr ona bu qədər təsir etdiyi halda, onu düşündürdüyü halda, indi ömrün adicə bir səhifəsi idi, örtüldü getdi. İndi təzə bir səhifə açılırdı, burada Şəfinin otuzillik həyatına xoş bir baharın novruzgüllərini gətirən Züleyxanın gözəl çöhrəsi həkk olunmuşdu.

Şəfiyə elə gəldi ki, o, ayağa durmuş ayıya oxşayan nökərin deyil, həyat adlanan bu əsrarəngiz və gözəl qüvvənin dalınca gedir.

Əlimərdan qapıların birini açıb:

– Buyurun, – dedi.

Şəfi otağa keçdi. İçəridə açıq, mavi ipək pərdəli pəncərə; önündə üç səndəl, bir miz qoyulmuşdu. Miz üstə bir qalaq ağ kağız, iki qələmdan var idi.

Şəfi əlindəki kitabı mizin üstə qoyub pəncərəyə yanaşdı. Hündür bir çinar öz sıx yaşıl-gümüşü yarpaqlarıyla günün qabağını tutmuşdu. Budaqlar ağır-ağır tərpənir, yarpaqlar otağı xışıltıyla, al-əlvan şəfəqlərlə doldururdu.

İçəri otaqlarda addım səsləri eşidildi, qapı açıldı. Kişvər və Zeynəb xanım idi. Züleyxa da dallarınca gəlirdi.

– Hə, Mirzə, otaq necədir?

– Lap yaxşı.

Şəfi öz sakitliyinə təəccüb etdi.

Şəfi başını qaldırıb xanıma baxdı. Zeynəb xanımın üzü öz-özlüyündə hələ təravətli və gözəl idi. Amma həmişə gülümsəməyə hazır kimi görünən qəşəng, badamı gözlərinin altı azca çuxurlamışdı. Bəlkə də sürməni elə buna görə çəkmişdi.

Kişvər xanım:

– Mirzə, siz dərsizə başlayın, biz də bir az qulaq asmaq istəyirik, – dedi. Sonra gizli bir təbəssümlə dodaqlarını bir-birinə sıxıb dayanan Züleyxaya sarı döndü:

– Gəl otur.

Züleyxa xoş əda ilə gəlib oturdu. Qızın hərəkətlərinin bu qədər məlahətli olması Şəfini heyrətləndirdi.

Bunu hardan, kimdən öyrənib? Nə anası Zeynəbdə, nə də analığında belə şey yoxdur.

Şəfi uşaqlıqda Gəncə çayı sahilində neçə dəfə seyr elədiyi bir hadisəni xatırladı:

…Yumurtadan təzəcə çıxmış ördək balaları analarını arxada buraxıb bir-birlərini basa-basa şən, coşqun çağırışla ömürlərində ilk dəfə gördükləri çaya doğru axışırdılar. Axı onlara hələ heç kim deməmiş və deyə də bilməzdi ki, su sizin sevimli yerinizdir. Orda yemək də tapmaq olur, üzmək də, oynamaq da. İndi Züleyxa da eləcə…

Şəfi dərhal hiss etdi ki, qız onun xoşuna gəlmək istəyir. Yoxsa bu gözəl yeriməyin nə mənası vardı?

O, Zeynəb xanımla Kişvər xanımın üzünə baxdı. Zeynəb sanki gülümsəyirdi. Olmaya o da Şəfinin düşündüklərini düşünmüşdü?

Bir azdan müəllimlə şagird qızğın məşğələdə idilər.

Bu hərflər, yazılar aləmi Züleyxa üçün təzə bir şey idi. Amma qızın coşqun həvəs və marağını, üzündə, gözlərində bərq vuran xoşbəxtliyi bununla izah etmək olmazdı. Qız on altı yaşında – gözəllik və cazibəliyinin zirvəsində idi. Dünya onun üçün məsud, həyəcanlı bir varlıq kimi idi. Lakin bu dəqiqə qıza elə gəlirdi ki, onu nəsə dadlı, doğma, həm də azca qorxulu bir şey gözləyir.

Axı uca hasarlı həyət, bu həyətin içərisindəki hər gün eyni hadisələrin təkrarından ibarət olan həyat, qızı daha darıxdırırdı.

Kişvərlə Zeynəb yavaş-yavaş söhbət edir, əslində isə – xüsusilə Kişvər – bütün diqqətləriylə Şəfini izləyirdilər.

Cavan bunu hiss edirdi. Buna görə də bütün iradəsini toplayıb, qıza başqa nəzərlə baxmaqdan özünü saxlayırdı.

– Bax, belə… «Əlif»in burasın belə yazmaq lazımdır. Bax, burda yaxşı yazmısan, burda da yaxşıdır. Həmişə belə yaz.

Züleyxa balaca, ağ əlini uzatdı, üç barmağı ilə lələyi sıxıb, əslinə çox az oxşayan hərfləri kağız üstə qaralamağa başladı. Şəfi gülümsədi:

– Ay sağ ol…

Bu tərifdən qızın zərif yanaqlarına qızartı gəldi, məxmər gözləri bərq vurdu, qabarıq sinəsi sakitcə enib-qalxdı. Elə gözəlləşdi ki, Şəfinin bütün varlığı titrədi.

Şəfi hərfləri, onların müxtəlif yazılış və birləşmələrini izah etdikcə, qəlbində sanki nəyinsə oyandığını hiss etdi. Ona elə gəldi ki, ürəyinin başında nəsə sökülüb dağılır, parça-parça olur. Bu, ələm qayaları, ümidsizliyin buz qayaları idi.

Züleyxa səsləri, sözləri uşaq kimi tələffüz etdikcə Şəfinin daxilindəki həsrət də get-gedə böyüyür, böyüdükcə, ağrı da dözülməz olurdu. Şəfi bu dəli xilqəti tanıyırdı. Onun qəlbində yaranan bu qüdrətli varlıq, həyat eşqi, gözəllik və məhəbbət həsrəti idi.

Nəhayət, Züleyxa lələyi mizin üstə qoyub yerində dincəldi, dərindən nəfəs aldı, məsumcasına gülümsədi.

– Yoruldum…

Kişvər xanımla Zeynəb xanım ayağa qalxıb mizə yaxınlaşdılar.

– Göstər görüm nə yaza bildin?

Onlar Züleyxanın qaraladığı vərəqləri nəzərdən keçirib razılıqla başlarını yırğaladılar.

– Yaxşı, Mirzə, qız bu iki günü neyləyəcək?

– Tapşırmışam, keçdiyimiz hərflərin hərəsindən bir səhifə yazacaq… Sağ olun.

– Xoş gəldin.

Şəfi çıxdı. Qəlbində iki hiss – qəzəb və riqqət bir-birinə qarışmışdı. Bir tərəfdən, Züleyxa ilə yaxınlığı, onun gözəl üzünü, gözlərini, saçlarını, əllərini yaxından görməyin sevinci, bir yandan isə xanımların nəzarəti…

«Eh, niyə də nəzarət etməsinlər?..»

Ancaq daxilindəki işıq o qədər qüdrətli idi ki, hüzn və şikayətlər yalnız darvazaya qədər fikrini məşğul edə bildi, sonra hiss etdi ki, bu ümidlərin hamısı Züleyxanın baxışları, əlləri, telləri, gözləri, yerişi idi.

«İki gün nə vaxt keçib gedəcək? İki günü necə başa vuracağam?»

Şəfi gedir, hara getdiyini də bilmirdi… Yanından faytonlar, arabalar ötüb keçirdi. Uzaqda məscid görünürdü.

…Bu günbəz nə qədər böyük, nə qədər gözəlmiş.

Şəfəqlərdən elə bil üstünə qalay çəkilib. Kərpic rəngli minarələr zirehli nizələr kimi elə bil maviliyə sancılıb.

Əlini cibinə saldı, pul kisəsini çıxarıb baxdı: hələ xırda-xuruş vardı.

– Gedib iki-üç girvənkə üzüm alım. Yaqubdan da bir çörək alsam, günortayla axşama bəs elər.

5

Şəfi Gəncə çayı sahilində oturub suya tamaşa edirdi. Axşam günəş Kəpəzlə Qoşqarın zirvələrinə sanki qızıl tac qoymuşdu. Dünya nə qədər gözəl idi. Ağaclar, evlər, bərəylə keçən adamlar, dəstəylə üzən qazlar – hər şey qürubda çimirdi.

Şəfi gözlərini çaya zilləmişdi. Su hər an bir rəngə çalır, şırıltıyla axır, axırdı. Zaman da belədirmi? Bütün bunların bir mənası varmı?

…Otlar, böcəklər, çiçəklər, heyvanlar, nəsil-nəsil gəlib gedir…

Bütün ömrünü ələm paltarına bürün – gedəcəksən… Bütün ömrünü toy-bayram içində yaşa – gedəcəksən… Bu nə gəliş, bu nə gediş, bu nə oyun, bu nə qanundur?

Otuz il gedib… Uşaqlıq günləri, almacıq sümükləri qabarmış mehriban simalı anasının, ciddi baxışlı atasının üzləri zaman arxasında, sanki hardasa, bilinməz, dumanlı, sirli bir aləmdə yenə yaşayır, həyatları eyni ilə təkrar olunurdu…

Axı niyə mənimki heç vaxt gətirmir, niyə?

Şəfinin dodaqlarını yandıran bu suala qədim Gəncə çayı eyni şırıltı ilə cavab verdi.

…Bəxt nədir?

Beş-altı il bundan əvvəl olmuş bir əhvalat yadına düşdü.

…Yay günüdür… Hacı Abdullagilin qonşuluğundakı uca binada bir qız görünürdü. Qız hər gün həyətə düşür. Hacı Abdullanın qardaşı qızları ilə saatlarla lingi-lingi oynayırlar.

Yenə başları oyuna elə qarışıb ki, hətta sakitcə gəlib yaxınlıqdakı oturacaqda əyləşən oğlanı belə görmürlər. Oğlan kitab oxuyur, arabir başını qaldırıb gözaltı qızlara baxır.

Oğlan hiss edirdi ki, qız da onunla maraqlanır. O, səbir və təmkinlə qızı izləyir. Qız yavaş-yavaş ona yaxınlaşmağa başlayır.

Günlər keçir… Budur, deyəsən yenə atılıb-düşməkdən, qaçmaqdan yorulub. Girdə, ağ üzündə zərrəciklər düzülüb. Uzaqdan dönə-dönə oğlana baxır. Oğlanı etinasız görüb, gəlib oturacağın lap o başında oturur. Guya yorğunluğunu alır.

Və günlərin bir günü qəfildən oğlanın yanında dayanır. Onun lap çiyni üstündən əyilib kitaba sarı boylanır. Ətirli nəfəsi oğlana toxunur. Gəncin elə bil qəlbi közərir. O, qızın parlayan iri qara gözlərini lap yaxınlığında duyur. Ürəyi yerindən oynayır. Ancaq qızı ürkütməkdən qorxub yenə susur.

Nəhayət, bir gün qız o biri qızlarla birgə oğlanın yanında əyləşir.

Cavan illər və xatirələr dumanı arxasında qalanları xatırlayıb gülümsədi. İlk söhbətləri yadına düşdü:

– Əsmər, sənin neçə yaşın var? (Əsmər Hacı Abdullanın qardaşı qızı idi.)

Əsmər rəqəmlərin sayını barmaqlarıyla göstərib.

– On iki. Bəs sənin? – deyir.

– İyirmi üç.

Sükut. Oğlan qıza baxır.

– Əsmər, bəs bacılığının neçə yaşı var?

– Neçə olar?

– On dörd.

Əsmər əl çalır:

– Eh, bilmədin, on beş.

Qız məlahətlə yırğalanaraq:

– Mənim yaşımın neçə olmasının kimə nə dəxli var?

Oğlan gözlərini qızın çəhrayı tül kimi zərif üzünə zilləyir.

Bəlkə birinə dəxli var, – deyir.

Zümrüd qızarır:

– On altı, – deyir, sanki söhbətin gerisindən qorxub qızlarla birgə qaçıb gedir.

Üç-dörd gün daha belə… Oğlan səadət yağışı altındadır. Xoşbəxtlik lap ovcundadır, ancaq bir gün birdən-birə qız yox olur. Oğlan səhərdən axşama kimi oturacaqda əyləşib gözəl Zümrüdü gözləyir. Ancaq məlum olur ki, Zümrüd daha yoxdur, olmayacaq da…

Oğlan bir həftə özünə gələ bilmir. Heç yerdə qərar tuta bilmir. Zümrüd onun həyatına gətirdiyi bu qədər sevinci yığışdırıb aparır. Yerində ağır, dərin bir yara qalır.

Bir neçə ay sonra Hacı Abdulla ölür… Qardaşı da ailəsi ilə harasa köçüb gedir… Bax, bəxt deyilən budur.

Haçandan-haçana Şəfi dərindən köks ötürüb başını qaldırdı.

O heç zaman ağlaya bilmirdi.

…Günəş batmış, çayın üstünə qaramtıl örtük salınmışdı. Bayaqkı bütün gözəlliklər yoxa çıxmışdı. Çay üstə əyilmiş və bayaq işıq saçan ağaclar indi qüssəli, kədərli sükut nəğməsi oxuyurdu. Ətrafındakı hər şey get-gedə qaralırdı, qərib, əsrarəngiz, qorxulu bir görkəm alırdı. Çay kənarındakı daş-qaya parçaları, ağaclar, kollar, uzaqdakı körpü, çaydan keçən bərə, bərənin içindəki adamlar hamısı əriyib axşama qarışdı.

…Züleyxa. Bu qız hardan mənim həyatıma daxil oldu? Yoxsa bu da bir təsadüfdür? Yoxsa itirdiyim sevinclərin, aldığım yaraların əvəzidir?

Şəfi ağır-ağır ayağa qalxdı. Ayaqları qıc olmuşdu. Çevrilib şəhərə baxdı. Saysız-hesabsız pəncərələrdən şamların solğun işığı süzülüb bir-birinə qarışırdı.

Bu qədim şəhərdə min illərdən bəri olduğu kimi, indi də hərə öz səadətinin hücrəsinə qapılıb yaşayırdı. Yalnız onun – Şəfinin hücrəsi boş idi, səadətsiz idi.

6

Şəfi xanın həyətinə daxil olanda orda böyük bir məclis gördü. Kabab iyi ətrafı bürümüşdü. Şəfi ləzzətlə tüstünü ciyərlərinə çəkirdi. O, hovuzdan bir neçə addım aralı dayanıb nə edəcəyini bilmirdi. Deyəsən yeməyin qızğın çağı idi. Çünki nökərlər, kənizlər ara vermədən kabab, lavaş, meyvə daşıyırdılar.

Gül kolluqları arasındakı məclisdən gülüş və qəhqəhə səsləri ucalırdı. Sonra deyəsən, mübahisə başlandı, iki nəfər çəkişirdi. Yenə qəhqəhə qopdu. Heç kim Şəfiyə nəzər salmırdı. Bu vaxt Əlimərdan əlində kuzə hovuza sarı qaçdı. Şəfiyə əhəmiyyət vermədən kuzəni suya saldı.

Şəfi qaşqabaqlı halda:

– Xanımlara de ki, bu gün dərs günüdür.

Əlimərdan laqeyd halda əlini yellədi:

– Görmürsən nə həngamədir. Xanımlar səni çoxdan görüb, lazım olsaydın çağırardılar.

Şəfinin rəngi ağardı. O, nifrətlə ocaq yerinə baxdı. Xanımlar əlləri bellərində əmrlər verir, xörəklərin dadına baxırdılar.

Əlimərdan çoxdan getmişdi. Şəfinin geri dönməkdən başqa çarəsi yox idi. İki gün ərzində qəlbində bu qədər ölçüb-biçdiyi sözlər, söhbətlər… Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır…

Şəfi eyvana baxdı. Baxdı, baxdı… Züleyxa kərpic dirəyə söykənib ona baxırdı. Şəfi sanki indi, Züleyxanın boy-buxununa, çöhrəsinə baxdığı zaman dərk etdi ki, qadın gözəlliyi nə deməkdir. O, qızın çağırış dolu təbəssümünə istər-istəməz təbəssümlə cavab verdi. Dodaqları qeyri-ixtiyari olaraq pıçıldadı…

«Züleyxa, bu dünyada sən var ikən, sənin üzün, saçların, gözlərin, əllərin var ikən kədərlənmək olarmı? Sən ki hələ bu ikicə görüşlə qəlbimə bu qədər işıq salmısan, bəs bunun sonrası necə olacaq? Sənin gözlərinin sevincini, məhəbbətinin səadətini necə gizlədəcəyəm».

O, birdən-birə qəribə bir cəsarətlə həyətdəkilərə işarə olaraq əlini yellədi. Yəni «bizə baxan yoxdur»…

Züleyxa, görünür, onun işarəsini başa düşdü. Çünki əliylə Şəfiyə gözləməsini işarə edib eyvana qaçdı. Şəfi dalğın-dalğın qızın dalınca baxıb gülümsədi. Amma yenə darvazaya sarı yeridi. İnanmırdı ki, Züleyxanın sözüylə onu çağırsınlar.

Darvazadan çıxıb bir neçə addım atmışdı ki, arxadan Əlimərdanın yoğun səsi eşidildi. Səsindən duyulurdu ki, həvəssiz, məcburi çağırır. Şəfi qızın hökmünə təəccüb edərək geri baxdı.

– Gəl, xanım çağırır.

Bunu deyib darvaza dalında yox oldu. Görəsən bu çağıran hansı xanımdır?

Ani fikirdən sonra dodaqlarında mızıldanıb darvazaya sarı yeridi.

Həyətdə onu Zeynəb xanım qarşıladı:

– Mirzə, gərək bağışlayasan. Özün görürsən ki, başımız necə qarışıqdır. Keç yuxarı, qız otaqda gözləyir…

Şəfi şikayət və töhmətin artıq olduğunu hiss edib heç bir söz demədi. Ancaq pilləkənləri çıxanda qəlbi gup-gupla döyünürdü. O, eyvanla gedərkən xatırladı ki, hansı otağa girəcəyini unudub. Yaxşı ki, qapı açıq idi.

Züleyxa miz üstə əyilib yazırdı. Qız Şəfini görüb ayağa qalxdı. Şəfi özünü sakit göstərməyə çalışaraq, salam verib papağını çıxartdı. Arxası qıza sarı ikən:

– Otur, Züleyxa, – dedi.

O, qızın adını necə mehribanlıqla çağırdığını yalnız bir də sonra, pəncərəyə sarı getdiyi zaman hiss etdi. Pəncərəni açdı. Çinarın yarpaqları təqib edilən quşlar kimi şırıltıyla içəri doluşdu. O başa düşdü ki, bütün bu hərəkətləri həyəcanını gizlətmək üçün eləyir.

Yanaşı otağın qapısı açıq olduğundan girib-çıxan nökər və kənizlər birinci növbədə onlara sarı boylanır, nə vəziyyətdə olduqlarına göz qoyurdular.

Züleyxa ilə üz-üzə oturan Şəfi qızın gözlərinə az-az baxmağa çalışaraq:

– Hə, baxım görüm nə yazmısan? – deyə soruşdu.

Qız dəftəri ona uzatdı. Şəfi əyri-üyrü yazıları təbəssümlə nəzərdən keçirdi. Züleyxa qızarmış halda:

– Yaxşı yazmamışam, bilirəm, – dedi.

Şəfi:

– Çox yaxşıdır, – dedi. – Mənim birinci yazım bunlardan pis idi.

Züleyxa heyrətlə onun üzünə baxdı. Şəfi dəftəri ona uzatdı.

– Al, oxu görüm.

Nəyi oxusun? Züleyxanın gözlərində xoş bir təəccüb ifadəsi əks olundu. Hərflərimi?

Şəfi hiss etdi ki, o, qızın səsinə qulaq asmaq xatirinə bu sözü demişdir. Buna görə səhvini düzəltməyə çalışaraq:

– Bax, bu iki səhifəni oxu, – dedi.

Züleyxa itaətkarcasına miz üstə əyilib hərfləri höccələməyə başladı.

Qız höccələyir, səndələ yayılmış Şəfi elə bil nəğməyə qulaq asırdı. Qızın səsi gah elə bil ki, şırıldayır, gah da sirli bir pıçıltıya dönürdü. Şəfi fikirləşirdi. İnsanda nə yoxdur? Güllü-çiçəkli çöl, ətirli bağ-bağça, dəniz, səhra, mavi bahar, soyuq qış, isti yay, qızılı payız, gecə, gündüz, musiqi, şeir, xoşbəxtlik, ələm – bütün bunların hamısı Züleyxanın üzündə, gözlərində yoxdumu?

O, qızın dodaqlarının tərpənişinə baxır, bu dodaqlardan qopan sözlərin xoş təsirinə qulaq asırdı. Züleyxanın gözəl gözləri onun qəlbini ətirlə doldurur, bihuş edirdi. O, qəlbində yaranan nəğmələrin musiqisini dinləyir, şeirlərin necə misralandığını hiss edirdi.

Züleyxanın səsinə qulaq asa-asa əlini uzadıb vərəqlərdən birini qabağına sürüşdürdü, gözləri qızda yavaş-yavaş yazmağa başladı:

 
…Zaman, məkan, ad, titul, sərvət, şöhrət, varidat,
Dəhşətli bir yuxudur başdan-başa bu həyat.
Bu həyat zülmətindən kim can qurtara bilər?
Məhəbbətin nurunda bir an cilvələnənlər.
 

«Musiqi» isə səslənirdi. Şəfi qızın bir qəribəliyini, heç kimdə olmayan bir gözəlliyini indiyə qədər görmədiyinə təəccüb etdi. Züleyxanın alnına sarı dartılmış qaşları ona əfsanəvi bir gözəllik verirdi.

Züleyxa cavanın hara baxdığını görür, nə düşündüyünü hiss edirdi. Bununçün Şəfinin heyrət dolu baxışlarıyla rastlaşmaq kifayət idi.

Şəfi qızın həyəcanlandığını, qızardığını görüb ayağa qalxdı. Pəncərə qabağına gəldi, əliylə yarpaqları oynatdı.

Orta otaqda heç kim yox idi.

– Züleyxa, neçə yaşın var?

Qız gülümsəyib nazla yırğalandı:

– On altı… Bəs sənin?

Şəfi yuxarıdan-aşağı qıza baxdı. Necə desin? Bir az azaltsınmı? Yox.

– Mənimki otuz.

Züleyxa heyrətlə barmağını dişlədi. Amma bu xoş, iftixar hissindən doğan bir heyrət idi. Qız öz heyrətinin mənasından xəbərsiz idi. O, miz üstə boylanıb bir uşaq ədasıyla:

– Mirzə, yazdığın nədir? – dedi.

Şəfi hiss etdi ki, bu dəlisov qız sərbəst buraxılsa, çox uzağa gedə bilər. Amma hələ tez deyildimi?

Oturdu… Qarşısındakı vərəqi qatladı:

– Nə olduğunu sonra bilərsən. İndi dərsə başlayaq.

Şəfi oxuyur, sözlərin mənasını izah edir, Züleyxa qulaq asırdı. Bu zaman pəncərə ağzındakı budağa bir bülbül qonub cəh-cəh vurmağa başladı. Bu cəh-cəhlər daşa çırpılmış güzgü qırıntıları kimi bərq vurur, göyə, yerə, otağa səpələnirdi. Bülbülün cəh-cəhində elə bil həyəcan, təlaş var idi: sanki onu hər yerdən qovmuş, indi burdan da qovacaqdılar. Ona elə gəldi ki, qızın gözləri də baharla, bülbül nəğmələriylə doludur.

Şəfi çaşıb qalmışdı. O, bülbülün həyəcanlı səsini eşitdikcə danışa bilmirdi. Dərsi buraxıb qulaq asmaq, bülbülü də qovmaq olmazdı.

Elə bil quş Şəfinin müşkülə düşdüyünü duydu, yüngülcə qanad çalıb uçdu. Şəfi gülümsədi, yenidən dərsə başlamaq üçün Züleyxanın üzünə baxanda diksindi. Bülbüllər indi Züleyxanın gözlərində cəh-cəh vururdu. Şəfi bu bülbülləri qova, onların cəh-cəhlərindən xilas ola bilmirdi.

Züleyxa müəlliminin həyəcanlı üzünə baxdıqca onun özündə olmadığını duyurdu. Qız ilk dəfə idi ki, gözəlliyinin təsirini görürdü. Otuz yaşlı bir müdrik, qorxmaz adam onun – Züleyxanın baxışlarından çaşır, sözünün kələfini itirirdi. Bunu müşahidə etmək, duymaq qızı ağlasığmaz dərəcədə xoşbəxt edir, onda bu cavanla əylənmək həvəsi oyadırdı.

Şəfi qızın əllərinə baxırdı. Züleyxanın əlləri donmuş süd kimi ağ və hamar idi. Birdən necə oldusa, onların ikisi də eyni vaxtda yazı üstə əyildi. Züleyxanın məxmər gözləri Şəfinin lap gözləri önündə parıldadı. Bu parıltı qızın qəlbindən keçən hansı bir qüvvətli hissinsə sədası idi.

O, qeyri-ixtiyari köksünü ötürüb qarşısındakı vərəqi götürmək istərkən əli Züleyxanın əli üstə qaldı. Yumşaq, sərin əl. Qız əlini çəkmədən nəzərlərini aşağı endirib susurdu. Sanki müəlliminin necə vəziyyətdə olduğunu duyur, onu bu səadətdən ayırmaq istəmirdi.

Şəfi əlinin altındakı bu sevimli varlığı öpmək, öpmək istəyirdi. Qızın əlindən onun qəlbinə ümid axır, işıq süzülürdü.

Şəfi əlini çəkdi. Bütün bunlar bir an davam elədi. Ancaq onlar artıq nədən danışdıqlarını unutmuşdular. Özlərini xoş, həyəcanlı, bir «cinayət» işləmiş kimi hiss edirdilər.

Şəfi sakitliyi pozdu:

– Züleyxa, istəyirsən bu günlük bəsdir, – dedi.

Şəfi hiss etdi ki, bununla bu bir anlıq səadətini götürüb qaçmaq istəyir.

Züleyxa qaşlarını oynadıb gülümsədi. Sonra ayağa qalxıb getməyə hazırlaşan müəlliminə:

– Getməyin, anamın sizə sözü var, – dedi.

Şəfiyə elə gəldi ki, qız onun qorxaqlığına gülür. Züleyxa getdi. Şəfi intizarla gözlərini qapıya zilləmişdi.

O, xanımla lazımi qaydada danışa, özünü adi şəkildə apara bilməyəcəyindən qorxurdu.

Şəfi indicə, bir az əvvəl ona doğru gələn böyük səadətin addım səslərini eşitmişdi.

Qapıda Zeynəb xanım göründü. Nökər Hüseyn də əlində məcməyi onun dalınca gəlirdi.

– Hə, Mirzə, qız dərslərinə necə baxır?

Gözləri qeyri-ixtiyarı məcməyidə olan Şəfi:

– Hələ ki pis getmir, – dedi.

O, gözlərini xanımın üzündə gəzdirdi… Çənəsi, saçları, bir az da gözləri Züleyxaya oxşayırdı.

– Hafizəsi yaxşıdır. Lap yaxşı burasıdır ki, həvəsi var.

– Uşaq özü neçə müddətdi ki, yalvarırdı.

Nökər gətirdiklərini miz üstə düzdü. Zeynəb xanım gözləri ilə nökərin hərəkətlərini izləyib:

– Mirzə, balaca nahar eləyin, – dedi.

Şəfi kitabı sinəsinə sıxıb, başını yırğaladı:

– Çox sağ olun, ac deyiləm. Xudahafiz.

O, Züleyxaya ani bir təbəssümlə nəzər salıb çıxdı.

7

Şəfi hücrəsində uzanıb qəlyan çəkir, gözlərini yumub düşünürdü. Bir az yuxarıda, kiçik pəncərə ağzındakı taxçada şam yanırdı. Çöldə aylı gecə idi. Ancaq işıq pəncərəni bürüyən çinar yarpaqlarında ilişib qalır, içəri süzülə bilmirdi…

Şəfi düşünür, yazırdı… Yuxarıda şamın dövrəsində hərlənən pərvanələr odda yanır, ağ vərəq üstə tökülüb qalırdılar… Bayırdan isə ardı-arası kəsilmədən yeniləri gəlirdi. Şəfi yazırdı. Qəlyan kənarda ağır-ağır tüstülənir, Şəfi yazırdı. Həyat özü bütün rəngarəngliyi ilə onun gözləri önündə cərəyan edir, o da yazır, gördüyünü, duyduğunu vərəqlərə köçürürdü.

Gəncə elə bil onun ovcunun içində idi. O, gülən-ağlayan insanları görür, onların gah gülməli, gah ağlamalı halına tamaşa edirdi.

Şəfi ələmin də, səadətin də nə olduğunu görür, duyurdu. O, düşdüyü burulğanı da, burulğan ətrafında xeyirlə şərin əbədi mübarizəsini, bu mübarizənin harda qurtardığını da görürdü… O görürdü ki, bu mübarizədə çox zaman şər qalib gəlir. Yanından ötüb-keçən sevinclərin heç birinə əli çatmır. Bəs nə etməli? Oturub bu sevincin nə olduğunu bilməyən kütbeyin və nadanların onu necə parça-parça edib udmalarına tamaşamı eləsin?.. Yox, hər nə cür olursa-olsun, sən də öz payını almalısan…

Şəfi yazırdı. O, necə yaşamağın lazım olduğunu bilirdi. O, böyük həyat axınının haralarda pozulduğunu görür, taleyi onun taleyinə bənzəyənləri tanıyırdı.

Şəfi həqiqətin başına nə oyunlar gətirildiyini görürdü. O, üzünə ədalət qalxanı çəkib insanların qəlbinə girən, onların gözlərini pərdələyib evlərinin, ürəklərinin sərvətlərini talan edənləri də tanıyırdı.

Şəfi yazır, bu yalançı müqəddəslik paltarına bürünüb minlərlə Şəfi kimisinin taleyini həll eləyən bir əli Quranlı, bir əli qılınclı quldurların əsl simalarını açıb göstərirdi. Şahları, vəzir-vəkilləri, şeyxləri, qazıları məntiqin ağır amansız zindanı altına salıb əzirdi.

Çöldə ay yavaş-yavaş batır, şamın işığı daha parlaq olurdu. Qurd-quşların, pərvanə və kəpənəklərin sayı da artırdı. İndi onlar özlərini daha artıq fədakarlıqla oda atır, daha çox ölürdülər.

Şəfi qələmi kənara qoydu, dərindən nəfəs aldı. Kürəkləri ağrıyırdı. O, mütəkkəyə söykənib şamın ətrafında hərlənən pərvanələrə tamaşa etməyə başladı. Onlar nə qədər çox, necə rəngbərəng idilər. Bax, bu da bir həyat oyunudur. Allah bilir, hardan, nə qədər yolu uçub gəlir, özlərini oda vurub ölürdülər. Bəziləri fırlana-fırlana tədricən yanır, bəziləri isə özlərini birbaşa alova atırdılar. Onların ehtirasları ağıllarına üstün gəlirdi. Şəfi elə bil yüz illər boyu Şərq şairlərinin yazdıqlarını indi başa düşürdü. Sədinin məşhur şeirini xatırladı:

 
   Gözlərimdən yuxu çəkildi axşam,
   Eşitdim pərvanə dedi ki, ey şam,
   Mən aşiqəm, yansam əgər, rəvadır,
   Sənin yanmağında nə məna vardır?
   Şam ona söylədi: Ey havadarım,
   Əlimdən getmişdir sevimli yarım.
   Şam dedi: Yaxşı ki, nur saçıram mən,
   Gör necə yaş axıb gedir gözümdən.
   Hünərin deyildir sənin məhəbbət,
   Səndə nə səbir var, nə də ki, cürət.
   Sənin bir qanadın od tutub ancaq,
   Mən başdan-ayağa odlanmışam, bax.
   Sən kiçik şölədən qaçırsan axşam,
   Mənsə dayanmışam, yanıram tamam.
 

Ancaq Şəfi bu oyunu həyatın özündə də görə bilirdi. O özlərini bu pərvanələr kimi oda atan, şam kimi başdan-ayağa od tutub yanan onlarla adam tanıyırdı. Ancaq əgər pərvanələr düşünmədən özlərini oda atırdılarsa, insanlar bunu bilə-bilə oda atanların biridir. Olsun… Həyat onu hara çağırırsa gedəcək…

Əgər Züleyxanı sevirsə, özünü oda atmırmı? «Axı necə oldu bu sevdaya düşdüm? Axı xan mənə necə qız verəcək, nəyimə verəcək? Ürəyimlə bacara bilmirəm…»

Birdən-birə ağlına qəribə bir fikir gəldi. Ürəyi titrəyə-titrəyə qələmi götürüb tələsik yazmağa başladı. O, yaza-yaza xatırladı ki, neçə illərdən bəridir ki, bu mövzu dumanlı şəkildə onun beynində dolaşır, öz ani parlaqlığı ilə qəlbini həyəcanlandıraraq ötüb keçirdi. Şəfi heç zaman bu parıltını tuta bilmirdi… İndi isə… Şəfi hiss edirdi ki, bəlkə də bu kiçik şeir də onun yazdıqlarının ən gözəli olacaq… Axı heç bir şeirdə onun həyatı, taleyi belə parlaq, aydın və gözəl şəkildə əks olunmamışdı.

O yenidən mütəkkəyə dirsəklənib dumanlanmış gözlərini sağdan-sola xətlər üstə gəzdirməyə başladı.

 
Qəlbimlə ağlımın özgə yolu var,
Hərəsi bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni.
Ağlım gecə-gündüz yazıq qəlbimi
Daima danlayar, daima qınar.
Qəlbimsə sevdalı pərvanə kimi
Eşqin atəşində alışar, yanar.
 

Elə bil şam da onu gözləyirmiş. Şeir qurtaran kimi o da əriyib yavaş-yavaş közərdi. Şəfinin hücrəsi məscidin başqa hücrələri kimi zülmətə qərq oldu.

Şəfi yatağa girib, yarpaqların pəncərədən axıb gələn xışıltısına qulaq asmağa başladı. Həmişəkindən çox tez yuxuya getdi.

8

Fayton yırğalana-yırğalana gedir, İbrahim xan daha ağır düşüncələrə dalırdı.

…Deməli, Hacı Mehdiqulu da ölərmiş. O qədər əzab-əziyyət hədər getdi. Kişi cəfa çəkdi, əcəl səfasını görməyə aman vermədi. Ey bivəfa dünya, dağ kimi kişi. Kimin ağlına gələrdi.

Əslində xan, Hacı Mehdiqulunun ölümünə yanmırdı. Nə isə bu «ölüm» sözü ona xoş gəlmirdi. Ölümdən qorxurdumu?

…Eh, cəhənnəmə ki… Bircə Əbülfəz böyüyüb boya-başa çatsaydı. Züleyxa heç, özgə çırağı yandırandır. Bəs Zeynəb necə olacaq?.. Eh, deyəsən lap xərifləmişəm.

– Frrreee.

Faytonçu bərkdən çığırıb qırmancı havada oynatdı. Atlar fınxırıb Şahsevənlə Şərəfanı arasındakı düz yola çıxdı.

Xan xəyaldan ayrılıb ətrafına baxdı. Taxta hasarlar, ağaclar arasında gizlənmiş alçaq çiy kərpicli evlər, atlı, eşşəkli yolçular. Qabaqdan bir eşşəkli gəlirdi. O qədər uzun idi ki, ayaqları az qalırdı ki, yerə dəysin. Xana mənsub olan Qaratəpə kəndlisi Alı kişiyə oxşayırdı. Bəlkə elə odur. Fayton eşşəkliyə çatanda xan əyildi. Ancaq onun Alı kişi olub-olmadığını ayırd edə bilmədi.

Əşşi, cəhənnəmə ki…

Fayton hündür hasarlı bir qapı ağzında dayandı. həyətdən kök, qırmızısifətli bir nəfər çıxdı. Hacı Mehdiqulunun Şəmkirdə yaşayan qardaşı İsfəndiyar idi.

Xan yerə düşüb faytonçuya sarı döndü:

– İstəyirsən gözlə, istəyirsən bir azdan gələrsən.

– Xan sağ olsun, gözləməsəm yaxşıdır.

İbrahim xan bir söz deməyib, qapıya sarı getdi. Salam verib həyətə keçdi. Həyət nökərlərlə, əmmaməli adamlarla dolu idi. Qıraq-bucaqda yaşmaqlı qadınlar görünürdü.

Hamının sifəti tutqun idi. Qoz ağacının altında xeyli qoyun bağlanmışdı.

Xan eyvanda başmaqlarını çıxarıb o birilərə qarışmasın deyə götürüb divarın yanına qoydu. Yüsür təsbehini çıxarıb otağa keçdi. Gəncənin bütün məşhur adamları – xanlar, bəylər, şeyxlər, üləmalar burada idi. Xanın salamına cavab olaraq bir neçə tanış başını tərpətdi. Mərhumun kiçik qardaşı döşəkçə gətirib saldı, xan oturdu. Onun bir yanında məşədi Bağı, o biri yanında isə molla Cabbar oturmuşdu. Xanla üzbəüz oturanlar isə axund Sədrəddinlə qazı Əbdülqədir idi.

Qazı başını aşağı dikib qaşqabaqlı halda təsbeh çevirir, Şeyxülislam isə hərdənbir tərs-tərs İbrahim xana baxır, qazıya nəsə deyirdi. Qazı da başını yırğalayır, deyəsən təsdiq edirdi. Xan axundun baxışlarından yaxşı bir şey gözləməyib, məşədi Bağıya sarı dönüb yavaş səslə soruşdu:

– Rəhmətlik nə vaxt keçinib?

Məşədi Bağı həmsöhbət tapdığından razı halda öskürdü.

– Obaşdan.

– Bəs niyə belə tezdən dəfn eləyiblər?

– Axund belə məsləhət görüb. Deyib ki, istidir, saxlamaq günahdır.

Xan başını yırğalayıb gözaltı axunda baxdı.

«Bu zəhər tuluğu niyə mənə belə baxır?»

Adamlar get-gedə çoxalır, özlərini artıq sayanlar mərhumun qardaşlarına başsağlığı verib gedirdilər.

– Eh, dünya belə dünyadır…

Axund yekə, ağ əmmaməli başını qaldırdı. Kiçik göy gözlərini bir-bir oturanların üstündə saxladı.

– Ölüm qaşnan-göz arasındadır. Kim olursan ol, gec-tez allahın dərgahına qədəm basacaqsan, haqq-hesab orda başlanacaq. Vay o şəxsin halına ki, bu fani dünyaya uyub beşgünlük ömrünü ibadət əvəzinə kefə, nəşəyə qurşanır.

Axund nəhs-nəhs xanın üzünə baxırdı. Qazı da acı-acı gülümsəyirdi. İbrahim xanın rəngi ağarmışdı. Bütün məclis nəsə baş verəcəyini hiss edib sükuta dalmışdı.

Axund, nəhayət, çənəsini silkələyərək:

– İbrahim xan, eşitmişəm qızına mirzə götürmüsən, – dedi.

Xanın burun pərələri gərilib yığıldı.

– Bəli, Mirzə Şəfini.

Belə saymazyana əks-hücum, görünür, axundun xoşuna gəlmədi.

– Xan bilirmi ki, bu Mirzə Şəfi deyilən mürtəd hansı yuvanın quşudur?

Xan boğuq səslə:

– Xeyr, – dedi.

– Elə isə, bil. Sənin qızına Quran oxudacaq bu şəxs nozənbillah, nə allah tanıyır, nə peyğəmbər, nə Quran bilir, nə kitab…

Məclisdən narazılıq və həyəcan dalğası keçdi. İbrahim xan qəzəbdən əsməyə başladı. Ağzı elə bil kilidləndi.

– Ay xan… – Qazı Əbdülqədir vəziyyəti belə görüb həlim səslə mübahisəyə qarışdı: – Əlbəttə, axund bu vaqiədə sizi günahkar saymır. Çünki ola bilər ki, o laməzhəbi heç tanımamış olasız və yainki onu sizə ayrı cür qələmə verələr. Axundun qərəzi odur ki, sizi xəbərdar eləsin…

– Bəli, bəli, elədir ki var, – deyə bir neçə səs də qazının sözlərini təsdiq elədi.

– Mən şübhə eləmirəm ki, o mürtəd öz simasını gizlədə bilmişdir.

İbrahim xan hamının heyrətli nəzərləri altında özünü ələ aldı. Qazı əlinin işarəsi ilə ayaq üstə durub məclisə qulluq eləyən cavanı çağırıb qabağındakı dolu piyaləni xana göndərdi. Lakin xan şərbəti içmədi, yerində dikəlib üzünü axunda tutub ağır-ağır:

– Mən, – dedi, – Mirzə Şəfinin dilindən hələ ki, allahımıza, dinimizə dair heç bir nalayiq söz eşitməmişəm. Eybi yoxdur, qayıdıb onunla söhbət eləyərəm. Ancaq bir şeydən qorxuram.

Axundun gözləri bərəldi.

– Qorxuram ki, axundun dedikləri səhih çıxmaya…

– Necə? – Axund üzünü məclisə tutdu: – Sizin içinizdə Şəfinin məlun, kafir olduğunu bilməyən varmı? Hamınıza məlum deyil ki, o Hacı Abdullanın ən yaxın aşnasıydı. O Hacı Abdullanın ki, Mustafagildəki məclisdə görün durub nə dedi: Nozənbillah, əgər hər şey allahın hökmündədirsə, niyə bizi günahkar edib bəlaya salır? O Hacı Abdullanın ki, Ələddin xangildə belə dedi: Əgər şərab içmək günahsa, bəs niyə şəriət kitabında yazılıb ki, cənnətdə çaylardan su yerinə şərab axacaq.

Məclisdən hənirti keçdi.

– Heç bir peşə sahibi olmayan bu adamın orda-burda, şəhərin mötəbər üləmalarının, peyğəmbər övladlarının dalınca hədyan danışmaqdan savayı məşğuliyyəti yoxdur.

Məclisdən təsdiqedici səslər eşidildi. Bu səslərdən axund ruhlandı:

– Əgər bunlar kifayət deyilsə, xan adam göndərib o laməzhəbi çağıra bilər.

İbrahim xan ani olaraq fikrə getdi. Təbiətən əhlikef adam olan xan bir tərəfdən çox maraqlı mübahisə olacağını hiss edib əylənmək istəyir, bir tərəfdən də Şəfidən arxayın deyildi.

Axund razı halda qazıya baxdı. Əbdülqədir yenə başını yırğalayırdı. Sədrəddinin dodaqlarındakı acı təbəssümü görən xan qəti hərəkətlə:

– Xub, – dedi, – fayton bayırda gözləyir. Faytonçuya deyin, gedib mənim adımdan Şəfini çağırsın.

Məclisdən uğultu keçdi. Razılıq və etiraz səsləri eşidildi. Axund qapıda dayanmış cavana sarı döndü.

– Göndər çağırsın…

– Hardan çağırsın onu, ya axund? – dedi.

Axund istehza ilə ağzını əydi:

– Harda olacaq? Ya məsciddə olar, ya da meyxanada…

Oğlanın qaşları oynadı. Məclisdə pıqqıltı eşidildi. Axund cavabından necə bir məna çıxdığını indi hiss edib öskürdü. Fikrini aydınlaşdırıb dedi:

– Gərək Əbdürrəzağa tapşırım ki, onu məsciddən qovsun. Qoy gedib küçələrdə yatsın.

…Yarım saatdan sonra Şəfi qapı ağzında idi. O, salam verib məclisə iti nəzər saldı. Xanı görən kimi rəngi azca dəyişdi. Xanın qəribə, sınayıcı nəzərlərini görüb, məsələnin nə yerdə olduğunu təxmini olaraq anladı. Qəlbində, beynində bircə fikir qərar tutdu, Züleyxanın xətrinə necə olursa-olsun xanın rəğbətini qazanmalıdır. Bundan yaxşı fürsət ələ düşməzdi.

– Mirzə, – xan qəsdən, axundun acığına Şəfini belə mehriban, nəzakətlə çağırdı. – Axund iddia eləyir ki, sən dinsiz, allahsız, kafirsən. Mənim nə səni müdafiə eləməyə, nə də axundun sözlərini təsdiq eləməyə haqqım yoxdur. Çünki bu barədə səndən heç bir söz eşitməmişəm. Axundun buyurduğuna görə səni çağırdıblar ki, özünün nə məzhəb sahibi olduğunu bəyan eləyəsən.

Axund dinmədən gözlərini Şəfiyə zilləyib baxırdı.

Şəfi hiss etdi ki, xan onun tərəfindədir. Buna görə də xeyli sakit halda dedi:

– Mən axund həzrətlərindən soruşmaq istəyirəm ki, aya, axundun özü mənim dilimdən nalayiq, dinə xilaf bir söz eşidibmi?

Axund Sədrəddin gözləri geniş açılmış halda hələ də baxırdı. Onun baxışları elə bil deyirdi: «Sən bunun həyasızlığına bax, gör bir necə danışır…»

Axundun gözləri qıyılıb ox kimi Şəfinin üzünə sancıldı.

– Sən allahın qüdrətinə şəkk gətirməsən yaxşıdır. Yoxsa, ağam Əmirəlmöminin qırmızı gözlərinə and olsun ki, bir dua oxuyub səni daşa döndərərəm.

Şəfi başını azca yırğaladı, ötəri olaraq gülümsədi və camaatın eşidəcəyinə əmin olaraq çox sakitcə:

– Axund ağa daha əli çatan işlərə, daha imkanı olan şeylərə əl atsa, məsələn, qaranlıq küçədə başıma kisə atdırıb boğdursa, yaxud bir az xərc çəkib faytonu üstümə sürdürsə, daha münasib olmazmı? – dedi.

Məclisdə tərpəniş yarandı, sonra yenə nəfəslərdən başqa heç nə eşidilmədi.

Axund dodaqlarını qəribə tərzdə yumurladı.

– Mən sənin çox həyasız, çox mahir şər atan olduğunu eşitmişdim, ancaq bu qədər yox… Amma məni hövsələdən çıxara bilməzsən. Şükür allaha ki, sənin kimi mürtədləri çox yola salmışıq. Bir də sənə nə deyəsən? Hacı Abdullanın kökü üstə bitən ot ancaq sənin kimi ola bilər.

– Axund düz buyurur. Ot öz kökü üstündə bitər. Yoxsa az qala gündə bir ev çapan bəzi adamlar axırda gəlib hörmət və izzət sahibi olmazdı…

Qazı Əbdülqədir yastı-yastı danışdı:

– Sənin yaşıdların kimi nə evin-eşiyin, nə də izzətin, hörmətin var. Ona görə hamıya şər atırsan ki, ürəyin soyusun.

Şəfi qazının ayrı yolla hücuma keçmək istədiyini bilib istehza ilə gülümsədi.

– Belə de…

Şəfi nədənsə qızardı, qaşları çatılmış İbrahim xana baxdı.

– Mən heç bu barədə fikirləşməmişdim… Neyləmək olar, qazı həzrətləri… Allah-taala görünür öz bəndələrinə iki cür sərvət verir. Birini ağıldan, düşüncədən məhrum edib var-dövlətlə yükləyir, o birini isə var-dövlətdən məhrum edib, ağılla, zəkayla təmin edir…

– Bala, sən hardan belə ağıl sahibi oldun? – Burda qazı gözlərini bərəltdi. – Nə yapışmısan bu axundun yaxasından?.. Sən nə hünərlə onunla ağız-ağıza vermisən?

Axund Sədrəddin qazının onu yenidən mübahisəyə çəkməyindən razı qalmayaraq qaşqabağını tökdü. Ancaq qazı ona əhəmiyyət vermədi. O, bir oxla iki hədəfə vurmaq istəyirdi. Bir tərəfdən özünü mübahisədən kənarda qoyur, digər tərəfdən onun düşündüyünə görə mübahisə eləyənlər bir-birlərinin paxırını açacaqdılar ki, qazının da istəyi bu idi.

– Doğru buyurursunuz, qazı ağa. Axund çox böyük zatdı. Çox böyük hünər istəyir ki, allahdan qorxmayıb mənim kimilərin fəlakəti üstündə öz səadət mülkünü ucaltmağı özünə rəva biləsən. Bir də, gözlərə bu qəflət pərdəsi çəkilməsəydi, allahın məzlum bəndələri elə mətləblərdən xəbərdar ola bilərdilər ki, bu gün çoxları əmmaməni börklə dəyişməyə məcbur olardı.

Məclisə sükut çökmüşdü. Ona görə yox ki, onların hamısı Şəfini başa düşür və ya təqdir edirdi… Sadəcə olaraq tamaşa maraqlı idi. Çox qəribə idi ki, axund da susub qırpımsız nəzərlərlə ona baxırdı.

Axund qəzəbini zorla boğub təmkinlə:

– Sənin orda-burda bütün günü danışdıqlarını bir yana qoyuram, – dedi, – allaha şükürlər ki, şeirlərin durur. Onların ki sənə mənsub olduğunu inkar edə bilməzsən?

– Axund hansı şeirləri nəzərdə tutur?

Şəfinin səsindəki arxayınçılığı geri çəkilmək kimi başa düşən Sədrəddinin qəzəb dolu səsi ucaldı:

– O şeirlərini ki, – axund səsini get-gedə ucaltdı, – onlarda nozənbillah, allaha, peyğəmbər əleyhissalama öz murdar sözlərinlə hücum eləyirsən… O şeirlərini ki, onlarda şəriətin müqəddəs qayda-qanunlarını lağa qoyursan. O şeirlərini ki, onlarda allah adamlarını, şeyxləri, mollaları, seyidləri, üləmaları məsxərəyə qoyursan. O şeirlərini ki, xalqı şərab içməyə çağırırsan. Kifayətdir, ya yox?

Şəfi necə oldusa yenə İbrahim xana baxdı. Xanın gözləri böyümüşdü. Ancaq o, Şəfiyə deyil, axunda baxırdı. Şəfi də həmin səmtə baxdı. Axundun dodaqlarında kinayəli bir təbəssüm var idi. Nəhayət, Şəfinin adamı hövsələdən çıxaran laqeyd və inamlı səsi eşidildi.

– Mən heç vaxt böyük allahın, peyğəmbərin, əsl üləma əhlinin əleyhinə şeir yazmamışam. Əgər axund elə bir şeirimi bilirsə, qoy bu məclis qabağında oxusun.

– Mən sənin müzür şeirlərinin dağarcığı döyüləm.

Şəfi arxayıncasına gülümsədi.

– Elə bir şeiri heç kim oxuya bilməz. Ancaq mənim başqa məzmunda şeirlərim var ki, onları hamı oxuya bilər. Çünki onlar doğrudan da yazılıb. Əgər məclis əhli istəsə, bir neçəsini elə özüm oxuyaram.

– Oxusun, oxusun, – deyə yer-yerdən səslər eşidildi.

Şəfi yenə İbrahim xana baxdı. Xanın gözlərindəki marağı görüb daxilində elə bil nəyinsə alışdığını hiss etdi.

O həmişə olduğu kimi yenə gözlərini azca qıydı:

 
Şikayətmi edim, gülümmü bilməm,
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.
Yox, səni mədh edim, qoy ey yaradan
Ki, tutmuş dünyanı bu qədər nadan.
Etməsəydin bizə bu mərhəməti,
Olmazdı əqlin də qədri, qiyməti.
 

Məclisdən qəhqəhə qopdu. Çünki məclisdəkilərin heç biri özünü nadan hesab etmirdi.

Şəfi axunda sarı baxdı:

– Mən güman eləmirəm ki, axund indi oxuyacağım beytdəki həcvi ruhanilərə qarşı yazılmış hesab etsin.

Yer-yerdən səslər eşidildi:

– Oxu.

– Oxu.

 
Düzlüklə alçaqlıq çarpışan zaman,
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.
 

Məclisə sükut çökdü. Axund Sədrəddin bu sükutdan istifadə edərək, zəhərli bir təbəssümlə:

– Bəs şərabdan niyə oxumursan?

Şəfi ani düşüncədən sonra:

– Xətriniz istəyirsə oxuyaram,– dedi.

 
Şirin, acı hiss kimi
Şərab hər qəlbə girər.
O bizim ruhumuza
Sevinc, kədər gətirər.
Qorxmadan deyirəm mən:
– Şərab yağışa bənzər. –
Palçıq olacaqdır o,
Palçığa yağsa əgər,
Amma bizim bu yağış –
Göyün qüdrətilə, bax,
Tarlaya yağsa əgər,
Dönüb sünbül olacaq.
 

Bayaqdan susan qazı, nəhayət, başını qaldırıb acıqla:

– Ya axund, bura mübahisə yeri döyül. Bir salavat xətm eləyək. Allahın məsəlli əla Məhəmməd…

Hamı salavat çevirdi.

Axund öz səhvini indi başa düşüb başıyla qapıya işarə edərək:

– Yaxşı, get, – dedi, – səninlə sonra ayırd eləyərik.

Şəfi İbrahim xanın üzündəki razılıq ifadəsinin təsiri altında çölə çıxdı. Sərin külək tərləmiş üzünü, sinəsini oxşadı. O, ciyər dolusu nəfəs aldı.

Adamlar qaşqabaqlı halda aramsız olaraq cırıldayan küçə qapısından girir, çıxırdılar.

9

İbrahim xan arvadlarıyla Zeynal xanın oğlunun toyuna nə aparacağı barədə söhbət edirdi. Arvadların biri dörd erkək aparmağı, o birisi isə pul atmağı məsləhət görürdü. Xana qalsa, heç toya getməzdi. Ancaq bəhsəbəhslik hissi qoymurdu. Çünki arvadların öyrəndiyinə görə Haşım xan üç toğlu aparacaqdı. Lütfiyar xan on əşrəfi, Pirqulu xan isə general Paskeviçin bağışladığı qızıl zəncirli saatı atacaqdılar.

Bir də Zeynal xanın Şuşada yaşayan qardaşı Gəncə naçalniki ilə aşna idi. Xan neypuşu kənara qoyub çağırdı.

Haşım xan ona görə üç toğlu aparır ki, üç oğluna toy eləyəcək. Pirqulu xan ona görə yaranalın bağışladığı qızıl zəncirli saatını atacaq ki, dörd qızı var. Bəs mənim nəyim var? Kişvər xanım əliylə tüstünü gözlərindən qovub:

– Sən allah, az üfür, görək neyləyirik, – dedi.

Əlimərdan yekə başını içəri uzatdı.

– Şəfi gəlib.

Kişvər xanım başını yırğaladı:

– Bıy, bu allah saxlamış nə tez-tez gəlir.

Xan nəşə ilə əlini uzadıb çığırdı:

– Çağır, çağır…

Kişvər xanım dilləndi:

– Züleyxa axı yatıb deyəsən.

Xan onun sözünə əhəmiyyət vermədi:

– Yaxşı, necə deyirsiz eləyin. Gedin ikiniz bir qərara gəlin. Bu toylarda şey verməyi dəb salanın…

Xan burada bərk söyüş söydü. Sonra yerində dikəldi.

– Çıxın gedin, bir qəlyan doldurub göndərin.

Kişvər xanım deyinə-deyinə ayağa qalxdı:

– Bu Mirzə haçandan belə əziz oldu…

Bu vaxt Şəfi yan otaqda göründü. Xan içəridən:

– Gəl, gəl, – dedi.

Şəfi qapıda arvadlarla qarşılaşdı. Zeynəb xanım yenə həmişəki kimi ona baxmadan gülümsəyirdi. Təbəssüm elə bil dodaqlarına yapışmışdı.

– Gəl, gəl, ay Şəfi.

Şəfi ilk dəfə idi ki, adının belə məhəbbətlə çağırıldığını eşidirdi. Amma hiss etdi ki, xan onun qıza olan məhəbbətini duya bilər.

Xan döşəkçəni göstərdi:

– Otur, dünən səndən yaman xoşum gəldi. Hə, – xan onun üzünə baxmadan davam edərək, – deməli sən beləymişsən.

Şəfiyə elə gəldi ki, xan onun üzündə nəsə axtarır, nəsə görmək, oxumaq istəyir.

– Hə, danış görüm necəsən, işlərin necə gedir?

– Niyə, pis deyil.

Xan dünən məclisdəki halını xatırladı:

– Pis döyülsə, böyük şeydir… – Əlini Şəfinin kürəyinə vurdu: – Köpək uşağına nə dağ çəkdin. Lap ürəyimdən oldu.

Şəfi başını qaldırıb acı-acı gülümsədi. Demək istədi ki, elə məni bu günə salan da o cür hünər sahibi olmağımdır. Ancaq hiss etdi ki, bu sözlərlə xanın nəzərində nəsə itirə bilər. Buna görə susdu. Sonra xanın intizarla ona baxdığını görüb, danışmaq lazım olduğunu hiss etdi:

– Xan sağ olsun, başqa əlacım yox idi. Yoxsa məni daş-qalaq eləyərdilər.

Xan gözlərini geniş açıb maraqla ona baxırdı.

…Deməli, bu adam ağıl və hünərinin hələ onda birini göstərə bilmir…

Şəfi xanın ətli üzündə Züleyxadan heç bir nişanə görmürdü.

– Ancaq bilirəm ki, axund bunu mənə bağışlamayacaq. Belə adamlar fürsət düşəndə əqrəb kimi sancmasalar, rahat olmazlar.

Nökər əlində qəlyan qapıda göründü. Xan gözlərini Şəfidən ayırıb nökərə baxdı:

– Qəlyanı qoy. Deynən bizə bir şey göndərsinlər.

Nökər gedəndən sonra xan Şəfiyə:

– Götür qəlyanı, – dedi, – istəyirsən yeməkdən sonraya saxla.

Şəfi Züleyxa ilə olacağını düşünüb:

– O qədər çəkən deyiləm, – dedi.

Xan yerini rahatlayıb əliylə havanı cızdı. Yəni «boş sözdür». Sonra:

– Hə, danış, səni gözləyirəm, – dedi.

Şəfi çiyinlərini atdı:

– Nə danışım?

Yaxasının düymələrini açan xan onun sözlərinə əhəmiyyət vermədən dedi:

– Deyəsən bu gün bərk istidir. Bəlkə çıxıb eyvanda oturaq. – Sözünün cavabını gözləmədən. – Hə, gedək, – deyib hıqqıltıyla ayağa qalxdı.

– Ay uşaq…

Addım səsləri gəldi. Hüseyn göründü.

– Bu döşəkçələri eyvanda sər. Nərdi də gətir.

Nökər gözlərini döyərək:

– Xanım oyanıb Mirzəni gözləyir, – dedi.

Xan əlini yellədi:

– Pəh, böyük iş olub. Deyinən bu gün dərs olmayacaq. Sonra Şəfiyə baxıb qəhqəhə çəkdi: – Bu gün Mirzəyə mən dərs verəcəyəm.

Şəfi isə Züleyxanı görə bilməyəcəyini düşünüb kədərləndi. Ancaq nədənsə qəlbindəki şəfəq seli dağılmadı. Əksinə, bir neçə həftə bundan əvvəl, bu qədər yad, bu qədər əlçatmaz olan bu zəngin ailə indi birdən-birə ona elə sadə və yaxın göründü ki, o, həyəcanlı və məşum bir oyuna dəvət olunmuş kimi, bir anlıq sanki qorxdu… Ancaq geriyə yol yox idi. O, xanın ardınca eyvana çıxdı.

İsti, qızılı bir sentyabr günü idi. Şəfi əvvəlcə döşəkçədə dizləri üstə oturdu. Sonra tez ayaqlarını çarpaz yığıb əyləşdi.

Onlar eyvanda nərd oynayır, aşağıda nökərlər, kənizlər ötüb keçirdilər. Şəfi gözaltı baxır, onların necə mehribancasına gülümsədiyini görürdü. Baxışları tez-tez eyvanın o başına zillənirdi. Nəhayət, Züleyxa göründü. Onun əynində ilk dəfə həyətə girərkən Şəfinin ürəyini əsdirən mavi ipək don var idi. Girdə sifəti uzaqdan daha da yumru görünür, badamı saçları isə qaraya çalırdı. Xan da başını Şəfinin baxdığı səmtə sarı çevirdi. Şəfi tez laqeyd halda zərləri atdı. Xan ani fikirdən sonra:

– Yaxşı, deyəsən uduzdun, – dedi, – get dərsini de.

Şəfi etiraz etmək istədi. Ancaq bununla xanı daha da şübhələndirəcəyindən qorxub susdu. Bununla belə başa düşürdü ki, susması da yaxşı deyil. Lakin o, daha çox başqa şeydən qorxurdu. Bu qorxu otuzillik həyatının daimi sirdaşı idi. Bu, uğursuzluq qorxusu, ürəyin talan olmaq qorxusu idi. Sanki tale onun payına hər kiçik sevinclə yanaşı böyük bir məyusluq da qoymuşdu.

– «Yaxşı, bəs niyə xan onu dərs deməyə buraxdı?»

Yeməkdən sonra xan ayağa qalxdı:

– Yaxşı. Mirzə, o şərab haqqında yazdığın şeirin üzünü mənimçün aydın xətlə köçürərsən. Ancaq heç bilmirəm kimə oxudacağam… – Sonra ayağa durub onu gözləyən Şəfiyə baxdı:

– Züleyxa hələ oxuya bilməz, hə?

Xan qızının adı çəkilərkən cavanda necə təsir oyanacağını öyrənmək məqsədilə Şəfinin üzünə baxdı. Şəfi başını qaldırmadan gülümsədi:

– Nə tez?..

Ani sükutdan sonra xan:

– Yaxşı, sən köçür ver, oxutdurmağa adam tapılar.

Şəfi Züleyxanın gözlədiyi dərs otağına gedərkən, xan dərin düşüncə içində təsbeh çevirə-çevirə eyvanda addımlayırdı.

İbrahim xan bu uğursuz Mirzənin Züleyxaya bənd olduğunu hiss etmişdi. Qız eyvanın o başında görünərkən otuz yaşında gəncin rənginin necə dəyişilməsi, gözlərinin necə həsrətlə dolması xanın nəzərlərindən qaça bilməmişdi.

Xan yeganə, həm də bu qədər gözəl qızının yoxsul bir şairə verilə biləcəyi fikrini heç ağlına belə gətirmirdi. Ancaq qəribə burasında idi ki, o, bu müdrik və bədbəxt gəncin hərəkətlərinə qarşı qəlbində heç bir qəzəb, kin duymurdu. Qəribəydi, elə bil onun bu adama qarşı rəğbəti daha da artmışdı. Axund Sədrəddinin dərsini verdiyinə görəmi? Hə… Üstəlik xanın ziyafət məclisləri Şəfisiz necə keçərdi? Həm də gözü, könlü tox adamdı. Hələ indiyə kimi xandan bir şey diləməmişdi… Ancaq Züleyxa hara, o hara? Xan Züleyxanı istəyən və ya bunu hiss etdirən adamları xatırladı. Ələkbər xanın ortancıl oğlu Əbuzər (heyif ki, sağ ayağı bir az axsayırdı), Hacı Nəsrulla oğlu Bəşir, doğma qardaşının ögey oğlu Əlisəftər – hamısı evli-eşikli, varlı, dövlətli…

Mirzə Şəfi çox zəif rəqib idi.

Daha bir qəribəlik xanı heyrətə salmışdı. Ona elə gəlmişdi ki, Züleyxa bayaq eyvana müəllimini görmək üçün çıxmışdı.

Xan bunu yoxlamağı qərara aldı.

…Ancaq bu gün yox… Elə bu gün, dərsdən sonra qızı çağırıb bir söhbət eləyərəm. Elə şey olarsa, gizlədə bilməyəcək, diliylə də, gözləriylə də bildirəcək…

Xan özündən razı halda nökəri çağırıb bazara göndərmək istədi. Sonra qərarını dəyişdi.

«Özüm gedim ki, fikrim də bir az dağılsın».

* * *

Şəfi otağa girəndə Züleyxa alçaq taxt üstə oturub bir ayağını aşağı sallamışdı. Qızın oturuşunu və yerə zillənmiş nəzərlərini görüb Şəfini istər-istəməz gülmək tutdu. Allah, bu qız ki, lap uşaqdır. O, Züleyxaya baxdı, baxdı, ancaq heç bir söz demədi. Sonra alıb qızın yazılarını nəzərdən keçirdi. Kobud naxışlara oxşayan hərflər… Şəfiyə elə gəldi ki, əlindəki adicə yazı deyil, sevgi məktubudur.

Züleyxa yazdıqlarını oxuyub, gözaltı otaqda var-gəl edən müəlliminə baxırdı.

Bu gün ona nə olub? Atamla söhbət eləyir, nərd oynayır, yemək yeyir, bütün bunlardan sonra niyə belə qayğılıdır? Bəlkə atam ürəyinə toxunan bir söz deyib?

Qız qəsdən hərfləri bir neçə dəfə təhrif elədi. Bu nədir? Müəllimi deyəsən qulaq asmır, dalğın-dalğın baxır, düşünür. Züleyxa susdu.

Şəfi qıza sarı döndü:

– Nə oldu?

Züleyxa dodaqlarını büzdü.

– Sən ki, qulaq asmırsan?

– Bağışla, fikrim ayrı yerdəydi.

«Ayrı yerdə…» Züleyxa bu ayrı yerin hara olduğunu bilmək istədi. Qız başını qaldırdı. Donu sinəsində tarım çəkildi. Gözləri bərq vurdu. Şəfi gülümsədi:

– Yaxşı, oxu, daha fikrim başqa yerdə olmaz…

Züleyxanın yanaqları allandı. Qız yenidən oxumağa başladı. Şəfi bütün iradəsini toplayıb qulaq asırdı. Züleyxa gözlərini aydın açır. Şəfi isə o baxışlarda öz səadətinin şəfəqlərini axtarırdı.

– Yaxşı, bəsdir…

Şəfi gəlib qızla üzbəüz oturdu. Pəncərə də, qapı da açıq idi.

Eyvanda Hüseyn göründü, sonra qulluqçu qızlar keçib-getdilər. Şəfi hər dəqiqə xanın gəlməsini gözləyirdi. Dəqiqələr ötür, xan isə görünmürdü.

Cavabsız bir sual amansızcasına Şəfinin beynini döyəcləyirdi. Xan niyə birdən-birə dərsə icazə verdi? Özü də mənim Züleyxaya baxmağımdan sonra… Bəlkə mənim sevgimə mane olmaq istəmir? Bəlkə qızı mənə verməyə razıdır? O, bu sualların nə qədər cəfəng və gülünc olduğunu hiss edir, ancaq yenə ürəyi ilə bacarmırdı. Ah, belə olsaydı, necə yaxşı olardı. Şəfi dünyanı bir-birinə vurub iş də tapar, ev də alardı. Təki Züleyxanı ona verəydilər…

Züleyxa vərəqi Şəfiyə sarı sürüşdürdü.

– Bəs «cim»in nöqtəsi hanı? «Yey»i «kaf»la niyə birləşdirmisən? «Te» axırda belə yazılarmı?

Qız alnına dağılmış saçlarını qarışdıraraq:

– Eh, fikrim başqa yerə qaçır, – dedi.

Şəfi güldü. Qızın nəyə işarə vurduğunu başa düşmüşdü. Amma bir söz demədi.

– Yaxşı, ardını yaz…

Züleyxa dodaqlarını sıxıb başını əydi. Əli sağdan-sola vərəq üstə gəzməyə başladı. Şəfi ürkək-ürkək çölə boylanırdı. Heç kim görünmürdü. Görəsən qıza bir söz desinmi? Birdən hürküb qaçar, ya Şəfinin gözləmədiyi bir cavab verər, sonra?..

Züleyxa hərdənbir başını qaldırıb müəlliminin üzünə, gözlərinə baxırdı, gülümsəyirdi. Şəfinin bu səbəbsiz təbəssümdə bütün varlığı uçunurdu. O heç zaman səadəti, illər uzunu bu qədər həsrətində olduğu səadəti indiki kimi yaxından duymamış, bu qədər yaxınlığında hiss etməmişdi. Şəfi bu yerdə qızı itirməyin nə olduğunu təsəvvür edib, dəhşətə gəldi.

O, başını qolları üstə qoyub, bir anlıq gözlərini yumdu. Qaçıb getsinmi? Hara? Başını qaldırdı. Züleyxa hər şeydən xəbərsiz halda yazırdı.

Nəhayət, qız başını qaldırdı. Bu nədir? Niyə müəlliminin gözlərinin rəngi dəyişib. Ora elə bil kül tökülüb. Elə bil orda nəsə yanıb qurtarıb… Bəs o içəridəkilər nədir belə bərq vurur? Göz yaşlarımı?

– Yaxşı, Züleyxa, bəsdir. Tapşırıqlarımı yaxşı-yaxşı yazarsan. Sağ ol.

Şəfinin bu sözləri deməsi ilə otaqdan çıxması bir oldu.

Qız yerində donmuş halda müəlliminin səsindəkiləri araşdırmağa başladı. Bu necə səs idi? Ona bu gün nə olub belə? Yox, hökmən atamla aralarında nəsə olub? Bu necə «sağ ol» idi? Elə bil daha məni görməyəcəkdi…

10

Axşamçağı idi. Xəzanın meydan suladığı, çiçəklərin yarpaqları saraltdığı bir gün… Şəfi başını köksünə əyib üstü mərmərli bir qəbrin ayaq tərəfində dayanmışdı. O, artıq altı il idi ki, hər cümə axşamı gəlib üç qəbrə baş çəkirdi. Əvvəlcə anasıyla atasının, sonra isə Hacının… Ata-anası haqqında xatirində çox az şey qaldığından onlar barədə çox da düşünə bilmirdi. Hacı haqqında isə düşünərkən xatirələr dəniz dalğaları kimi tükənmək bilmirdi. Axı əslində Şəfiyə atalıq eləyən o olmuşdu. Təkcə atalıqmı eləmişdi? Yox, bu müqəddəs adam Şəfinin dostu, qardaşı, müəllimi, həmdəmi idi. Şəfi hər cümə axşamı gəlib bir həftəlik sevinc və kədərini bu qəbirlə bölüşdürürdü.

Altı il. Bu altı il bəzən Şəfiyə uzun, çox uzun, bəzən də altı gün qədər yaxın gəlirdi.

Şəfi qarşısındakı məzara baxır, müdrik və mehriban Hacının bu torpaq altında uzandığını və bir daha qalxmayacağını təsəvvür etdikcə dəhşətə gəlirdi. Axı bu necə işdir? Beyin dağılır, ürək partlayır.

…Hacı, Hacı, hanı sənin müdrik, məzəli söhbətlərin, hanı adama yuxunu unutduran dadlı-dadlı «Min bir gecə» nağılların? Hanı Bağdad?

Hacı, sənin bu qədər sevdiyin Bağdad yenə həyatla, macəra və nağıllarla qaynayıb daşır… Səndən də əvvəl dünya var idi, Hacı, səndən sonra da var. Sənin getməyinlə dünyada nə dəyişdi? Heç şey.

 
Cəfakeş canımdan mən cana gəldim,
Sadəlövh könlümdən fəğana gəldim.
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?
 

Hacı, sənin dediklərin düz çıxır. Tale mənə ərmağan göndərib. Hacı, on dörd gecəlik ay kimi bir qız. Axı sən həmişə deyərdin: Mirzə, sənin bəxtinə bir qız çıxacaq ki, bütün Gəncə tamaşasına gələcək. Allah sənə rəhmət eləsin, Hacı. Sən doğrudan da peyğəmbərdin. Hələ ki sənin sözlərinin xilafına heç bir əlamət görünmür. Bircə şeydə sözünə baxmadım ki, indi də cəzasını çəkirəm. Sən mənimçin ev alırdın, razı olmadım. Dedim özüm qazanıb tikdirərəm. Nə bilim. İndi birdən məsciddən də qovsalar? Axı daha onlara lazım deyiləm. Daha kitab üzü köçürməyə ehtiyac yoxdur. Neçə il məscid hücrələrində gözümün işığını cəfəng-cəfəng kitablar üstə əritdim.

Başını qaldırdı. Ala-bula buludların arasında səma görünürdü. Buludlar dağınıq halda harasa tələsirdilər. Külək yarpaqları qoparıb gül ləçəkləri kimi adlı-adsız qəbirlər üstə səpirdi. Elə bil təbiət zamanın qatları arasında çürüyən, unudulmuş qurbanlarını yad edirdi. Yarpaqlar Şəfinin üstünə tökülür, başına, çiyninə qonurdu.

11

İbrahim xan axşamüstü Züleyxanın otağına gəldi. Qız alçaq, yumşaq taxt üstə uzanıb tapşırıqları yazırdı. Hər şeyi unutmuş kimi sözləri yaza-yaza tələffüz edir, təkrarlayır, arada isə mahnı oxuyurdu.

İbrahim xan qapıda dayanıb qızına tamaşa edirdi. O, qızını hələ heç vaxt oxuyan görməmişdi. Bəlkə də əhəmiyyət verməmişdi və ya təsadüf etməmişdi. Züleyxa pəsdən o qədər gözəl oxuyurdu ki, mahnısına ara verərkən xan səbirsizliklə onun yenə nə vaxt oxuyacağını gözləyirdi. Yox, deyəsən bu sakit Mirzə öz işini görmüşdü. Xanın qaşları zəhmlə aşağı endi…

Bu necə olub? Bu gədə oğlu mənim qızımı necə yoldan çıxarıb? And olsun allahıma ki, əgər o öz diliylə qızın ağlını başından çıxarıbsa, vay halına. Yox, qız ona bənd olubsa, onda işim yoxdur. Görək özünü necə aparır…

Züleyxa səs eşidib nəğməsini kəsdi, başını qaldırdı. Xan gülümsədi.

– Sənin belə yaxşı səsin varmış.

Züleyxa qızarıb başını aşağı dikdi. Xan gəlib onun yanında oturdu, saçlarını sığalladı. Qız atasının niyə gəldiyini hiss edib, başını aşağı dikdi.

İbrahim xan fikirləşir, qızın xətrinə dəymədən məsələni necə öyrənməsi barədə ürəyində hey ölçüb-biçirdi.

Züleyxa hənirti eşidən maral kimi ürkək-ürkək atasına baxırdı. İbrahim xan laqeyd halda onun yazılarını götürüb tamaşa eləməyə başladı.

– Maşallah, deyəsən pis yazmırsan. Bəs oxumağın necədir, yazdığını oxuya bilirsənmi?..

Züleyxa nazla şikayətləndi:

– Oxumaq yazmaqdan da çətindir, – dedi.

Xan fürsət düşdüyünü zənn edib, birbaşa mətləbə keçdi.

– Müəllimindən necə, razısanmı?

O, bu sözləri deyib, diqqətlə qızın üzünə, gözlərinə baxdı. Züleyxa qurumuş dodaqlarını sıxdı. Qız acizcəsinə hiss etdi ki, ömrü boyu heç kimə yalan deməyi bacarmayacaq. Başını aşağı endirib pıçıltıya bənzər səslə:

– Pis deyil… – dedi.

Xan da qızının ürəyindən keçənləri duyubmuş kimi birdən-birə qəti və qəfil hücuma keçdi.

– Qızım, səndən bir söz soruşmaq istəyirəm, düzünü deyəcəksənmi?

Züleyxa diksindi, rəngi o dəqiqə ağardı. Sinəsi qalxıb-enməyə başladı: göy gurultusunun ilk səsi eşidilmişdi.

Xan qızının cavabını gözləmədən:

– Mirzə Şəfi sənə ayrı barədə, yəni dərsə aid olmayan işlər barədə, – xan öskürdü, bir anlıq nəzərləri başını aşağı dikib pul kimi qızarmış qızının üzündə ilişdi, – sənə… – Xan söz axtardı, – Sənə xoşu gəldiyi barədə bir söz-zad deməyib ki?

Züleyxa yavaş-yavaş başını qaldırdı:

– Yox.

Xan nəzərlərini qızının üzündən ayırmadan:

– Heç?

Züleyxa sakitcəsinə:

– Heç.

Xan razı halda əlini dizinə vurub ayağa qalxdı:

– Yaxşı, dərsini oxu…

«Bəs necə olsun?»

Xan bu sual altında düşünə-düşünə eyvana çıxdı.

12

Şəfi məscidin həyətinə girib bir neçə addım atmışdı ki, arxadan kor Qulamhüseynin səsini eşitdi:

– Ay Mirzə.

Şəfi gülümsəyib geri döndü. Bu müdrik, zavallı qoca ona həmişə belə hörmətlə müraciət edirdi ki, bu da Şəfi üçün çox təəccüblü idi. Hər halda hörmət qarşılıqlı idi. Yəqin ki, bütün Gəncədə qocanın söhbətlərinə Şəfi qədər maraqla qulaq asan ikinci bir adam çətin tapılardı.

– Bəli.

Qoca üzünü səs gələn tərəfə çevirdi:

– Heç bilmirəm necə olub, gəlişindən xəbər tutmamışam.

– Hə, – qoca əlavə söhbətləri artıq bilib, birbaşa mətləbə keçdi. – Səni bir cavan soruşdu…

Qoca verdiyi xəbərdən ləzzət ala-ala təsbehini çevirdi. Sonra əlini Şəfiyə uzadıb pıçıltıya bənzər səslə:

– Bura gəl, – dedi.

Şəfi təəccüblə qocaya yaxınlaşdı. Qoca geriyə dönüb öz komacığına girdi, dolu bir zənbili çölə sürüməyə başladı.

– Gəl götür, sənə çatacaq.

Şəfi quruyub qaldı.

– Bu nədir?

Qoca təsbehini çevirə-çevirə cavab verdi:

– Bilmirəm, dedi ki, Mirzə Şəfiyə çatacaq.

Qoca, Şəfinin hələ də tərəddüd elədiyini başa düşdü:

– Zənbildə məktub var, hər şey orda yazılıb.

Şəfi:

– Bəlkə qardaşımdandır, – deyib zənbili götürdü. – Görəsən nə əcəb, beş il olar ki, heç üzünü görmürəm.

Onun uzaqlaşan ayaq səslərinə qulaq asan qoca fərəhlə gülümsəyirdi.

Axşam namazı yenicə qurtarmışdı. Camaat bir-bir, iki-iki məscid həyətini tərk edirdi. Xətib Əbdülrəzzaq qapı ağzında axund Sədrəddinlə danışırdı. Əlində zənbil olan Şəfi axundu görüb diksindi, qayıtmaq istədi, ancaq gec idi. Salam verib məscidə girdi. Axundun səsini yavaşıtmasından hiss etdi ki, söhbət ola bilsin ki, onun barəsində gedir. Yəqin axund Əbdülrəzzağa şikayət eləyir. Sevinc kədərə qarışıb gəlir. Sabah dərs günüdür…

Şəfi hücrəsinin pəncərəsini çəkib oturdu. Dünən yarımçıq qalmış şamı yandırdı. Yuxarıdakı kiçik pəncərədən külək əsirdi. Ancaq yarpaqlarının çoxu tökülmüş çinarın xışıltısı xeyli azalmışdı. Yay günləri bütün evlərdən isti olan hücrə indi də vaxtından əvvəl soyuyurdu.

Şəfi zənbilin tikişini kəsdi. Lap üstə qatlanmış bir kağız qoyulmuşdu. Açdı. Aydın xətlə yazıldığından çox asanlıqla oxudu.

«Əziz Şəfi. Mən sizi çoxdan tanıyıram. Siz də məni beş-altı yerdə görmüsünüz. Axırıncı görüşümüzdə təsadüf elə gətirib ki, yanınızda xəcalətli olmuşam. İki ay əvvəl Narınqalada, erməni meyxanasındakı əhvalat yadınızdadırmı? Sizi bayıra çıxaran, sonra sizdən üzr istəyən cavanı xatırlayırsınızmı? Mən həmən cavanam. Adım Nacidir. Sizin şeirlərinizə pərəstiş eləyənlərdənəm. Çoxdandı ki, siznən tanış olmaq, dost olmaq istəyirdim. İş baş açmağa qoymurdu. Axır ki, bu gün gəldim. Siz də evdə olmadınız. Sabah axşam yenə gələcəyəm. Xahiş eləyirəm zənbili qardaş sovqatı kimi qəbul eləyəsiz».

Şəfi dərindən nəfəs alıb başını qaldırdı. Hə, deməli belə. Öz-özünə güldü. Qəribə əhvalatdır. Bəlkə zənbili qoyum qalsın. Bəlkə məni ələ salmaq üçün düzəldiblər. Yox, görüm zənbildə nə var? Deyəsən, yaxşı iy gəlir. Bu nədir? Bişmiş çolpa? Bəs bu nədir? O, bağlamanın ipini açdı, rəngi birdən-birə dəyişdi… Nə qədər vaxtında gəlib… O, indi xatırladı ki, əynindəki kürk tamam vecdən düşüb… İstər-istəməz papağını başından götürüb baxdı. Tamam yeyilmişdi… Təzəsini almaq lazımdır… Zənbildən daha iki dolu kuzə çıxdı. Sözsüz ki, şərab idi. Sonra da üç dənə təndir çörəyi… Bəs bu nədir? Pul kisəsi… Şəfi güləbətin kisəni silkələdi. İçərisindəkilər cingildədi… Doğrudanmı yəni pul da var?.. İpi açıb, kisənin küncündən tutub başıaşağı silkələdi… Beş əşrəfi cingiltiylə ovcuna düşdü. Şəfi başını aşağı dikib xeyli vaxt pullara tamaşa elədi. Sonra yenidən kisəyə salıb cibinə qoydu. Kuzələri məxmər bağlamaya büküb bağladı. Sonra da oturub süfrə açdı. Elə birinci tikəni ağzına aparmışdı ki, nəsə xatırladı. Toyuqla çörəyin birini götürüb həyətə çıxdı.

Qulamhüseyn hücrəsinə çəkilmişdi. Şəfi, qocanı səslədi.

– Buyur, Mirzə…

Şəfi toyuğu büküb qocaya verdi…

Qoca əlindəkini yoxlaya-yoxlaya Şəfiyə dua eləməyə başladı.

13

Xanın evində yenə məclis qızışmışdı. Dəm-dəsgah xanın ikinci arvadı Zeynəbin İrəvanda yaşayan qardaşı Kəmaləddinin gəlişi münasibətilə təşkil olunmuşdu.

Kəmaləddin İrəvan komendantının köməkçisi idi. Girdəsifətli, nazik gödək bığlı bir cavan idi.

O, bacısı oğlu Əbülfəzin boynunu qucaqlayıb bərkdən danışır, özü də hamıdan əvvəl qəhqəhə çəkib gülürdü.

Süfrəyə İbrahim xan özü rəhbərlik edirdi. O, qaynının və qonaqların təkidinə baxmayaraq, lap aşağı başda oturmuşdu. Gah söhbətə qulaq asır, gah da süfrəni düzəldən nökərlərə kömək edirdi.

– Mənim də xəbərim yox, sən demə, Nikolay Əlikseyeviç qəsdən tapşırıbmış…

Kəmaləddin astadan gülə-gülə danışırdı:

– Gördüm qabağıma əməlli-başlı kabab qoyuldu. Daha mən hardan bilim ki, kabab nə kababdır. Bir tikə yedim, iki tikə yedim, gördüm, a kişi axı bu kababın dadı deyəsən ayrı cürdür. Nikolay Əlikseyeviç də mənə baxıb qımışır. O biri qonaqlar da. Barmağımı dişlədim. Dedim, hər nəsə, kababda bir iş var. Bir az su istədim, piy ağzımda dondu. Elə bu vaxt qəhqəhə qopdu. Bildim ki, bunlar mənə çöl donuzu yedizdiriblər.

Məclisdən qəhqəhə qopdu. Kəmaləddin də, Əbülfəz də gülürdü, içəri girən İbrahim xan da gülürdü.

Xan özü süfrəni qəsdən kecikdirirdi ki, Şəfi gəlib çıxsın.

– Hə, – Kəmaləddin gözlərinin yaşını sildi. – Nə edə bilərdim, əlacsız qalıb təzədən yeməyə başladım. Doğrusu, həm bərk ac idim, həm də zəhrimar yaman ləzzətli idi.

Qonaqlardan biri:

– Mən də yemişəm, – dedi.– Yaman ləzzətlidir. Amma arvadın qorxusundan evə gətirə bilmirəm.

Yenə qəhqəhə qopdu.

– Zalım qızları, bilmirəm hardan bilirlər ki, donuzdur, lap məəttəl qalıram. Ayağımı pilləkənə qoyan kimi eyvandan zəhmlə qışqırır: – Aha, donuz gətirmisən.

Yenə qəhqəhə qopdu.

Bu donuz söhbətindən doymuş birisi üzünü yanındakına tutdu:

– Nəcəf bəy, Şeyx Şamildən nə xəbər?

Nəcəf bəy gözlərini dadlı-dadlı təamlar düzülən süfrədən ayırmadan bığlarını tumarladı. O biri qonaqlar da susub ona baxdılar.

– Balam, Şeyx bütün Avarıstanı, Çeçenistanı ayağa qaldırıb…

Kəmaləddin başını yırğaladı:

– Yox, canım… O böyüklükdə səltənətin qabağında Avarıstan dayana bilər? Napalyon kimi əjdaha bunlarnan bacarmadı.

Aralığa sükut çökdü. Bayaqkı arıq, qartalgözlü qonaq dərindən köks ötürərək.

– Ay kişilər, işə baxın, beş-on avar, çeçen o böyüklükdə Nikolaynan vuruşur, özü də gör neçə ildir.

Aralığa sükut çökdü.

Kəmaləddin əlini Əbülfəzin çiynindən götürərək qətiyyətlə:

– Şamilin böyük şəxsiyyət olduğuna sözüm yoxdur, – dedi. – Ancaq onu məğlubedilməz eliyən keçilməz dağlar, dərələrdir.

Nəcəf bəy başını yırğaladı.

Ay-hay… Bu boyda imperiyanın qabağında dağ-dərə dayanar? Dağlıların igidliyi, mətanətidir Şamilə bu dözümü verən.

– Nəcəf bəy, vallah, bu vuruş əbəsdir. Rusiyanın tabeliyində olmaq hər cəhətdən sərfəlidir.

– Baxır kimlər üçün.

Bu sözləri deyən Əsgər xan idi. Kəmaləddin azca pörtdü, bir qədər susdu, sonra yenə üzünü Nəcəf bəyə tutdu.

– Ona görə sərfəlidir ki, böyük ziyalıları var, böyük mədəniyyəti var.

Əsgər xan yenə söz atdı.

– O hansı mədəniyyətdir elə?

– O mədəniyyətdir ki, danışanda adamın sözünü kəsmirlər.

Məclisdə qəhqəhə qopdu.

İbrahim xan sanki aralığa söz qatmaq üçün əlini yellədib dedi.

– Abbas Mirzənin uruslarnan davasını mən özüm gördüm. Çox qorxaq şeylərmiş. Topların gurultusunu eşidən kimi dabanlarına tüpürüb qaçdılar.

Əsgər xan hələ də israr edirdi.

– Cahad olsaydı qaçmazdılar. Onların qabağından qaçana allah qənim olsun.

Kəmaləddin əlini qaldırıb mənalı tərzdə işarə elədi, yəni qulaq asın.

– Əsgər xan, çox keçmişlərə getmirəm… Elə Abbas Mirzənin Gəncəyə hücumunu yadına sal… Bu, dili bizim dildən olan özümüzünkü… Başımıza nə oyun açmadılar… Xalqın var-yoxunu talayıb getdilər…

Əsgər xan və bütün məclisdəkilər diqqətlə ona baxırdılar.

– Mən ona görə uruslara tərəf durmuram ki, onların yanında qulluqdayam… Yox, mən həqiqəti deyirəm. Özünüz deyin, elə bir il olmurdu ki, Arazətrafı kəndlərimiz, obalarımız çapılıb talanmasın?.. Quldur-qaçaq əlindən hələ də dağa-daşa çıxmaq olmur. Bəsdir, daha bizim dinnən olmayanları saymadıq. Urusların da yaxşısı, pisi var… Ancaq, a bala, indi bizdən savayı daha dünyada elə bir məmləkət yoxdur ki, orada bir hökumət, qanun-qayda olmasın…

Əsgər xan dodaqlarını istehza ilə büzdü.

– Ay-hay, bərəkallah… Əvvələn, elə bilmə ki, uruslar sənə barmaq toxundurmayacaqlar… Onlar sənin qara gözünə aşiq olub gəlməyiblər… Qaldı ki, hökumətə, bunu bil ki, dünyanın hələ heç bir məmləkətində islam dövləti kimi adil, güclü bir hökumət bərqərar olmayıb… Dərd burasıdır ki, biz özümüz başqaları olmadan keçinə bilmirik.

Rəngi azca dəyişən Kəmaləddin:

– Əsgər xan, xətrinə dəyməsin, sən kəndlərinin əlindən çıxacağından qorxursan, vəssalam…

– Sən də…

Bu vaxt nökərlər əllərində şişlərdə qızardılmış kabab içəri girdilər. İbrahim xan ayağa qalxdı:

– Əsgər xan, sən allah boşla görək. Süfrəyə buyur…

Əsgər xan səndəllərini həvəslə irəli sürüşdürən qonaqlara nəzər salıb, acı təbəssümlə gülümsədi. Nökər əl suyu verəndə xan yenə eyvana çıxdı:

– Ay balam, bizim bu Mirzə harda qaldı?

Elə bu vaxt Şəfi, qoltuğunda Hafizin divanı pilləkənlə çıxırdı. Xan onu görüb çağırdı:

– Ay rəhmətliyin oğlu, gəl də…

Şəfi, xanın bu təntənəli qəbulundan və üzündəki nəşədən çaşaraq, ani olaraq dayandı. Xan onun niyə tərəddüd elədiyini başa düşərək, irəli getdi. Ətli, zorba əlini Şəfiyə uzadaraq:

– Əlini ver, – dedi və onu təkanla eyvana qaldırdı. Şəfi qolu ağrısa da, həyəcanlı bir sevinc içərisində ani olaraq eyvana göz gəzdirdi. Bircə dəfə Züleyxanın üzünü görsəydi…

Xan onu məclisə saldı… Yeyib-içməyin ilk həmləsini başa çatdırmış qonaqlar başlarını qaldırıb içəri girən adama baxdılar. Xan, Şəfiyə yer göstərdi. Sonra qonaqlara:

– Ağalar, yəqin ki, Mirzəni tanıyırsınız? Tanımayanınız varsa, tanısın. Gəncənin birinci şairi Mirzə Şəfi…

Şəfinin nəzərləri ildırım sürəti ilə qonaqların üzündə gəzdi. Hərə ona bir cür baxırdı. Şəfi bu hörmət və istehzalı nəzərlər altında keçib, boş səndəllərin birində oturdu…

Qonaqlar yeyir, iki-iki söhbət edirdilər… İbrahim xan da ortayaşlı, dolusifətli bir qonaqla söhbətdə idi.

O kimdir belə? Çənəsi necə də Züleyxanın çənəsinə oxşayır – dolu, yumru…

Qədəhlər boşaldıqca Şəfiyə elə gəlirdi ki, içərisinə od tökülür. Qonaqlardan biri yarıya qədər içdiyi qədəhi mizin üstə qoyub bığlarını sildi.

– Hə, ağalar. – O, Şəfidən başqa bütün qonaqların üzünə baxdı. Görünür, söhbətin əvvəli məclisə məlum idi. – Əziz xannan bu xəbəri eşidən kimi uşaqları götürüb atlara süvar olduq… Axşama xeyli qalmış Aslandüzə çatdıq. Gördük, doğrudan da ceyranın sayı-hesabı yoxdur… Özləri də bütün günü qovulduqlarından deyəsən yorğun idilər… Xülasə, başlarının üstünü aldıq… Partapart düşdü. Axşam vurduqlarımızı bir yerə yığanda təpə kimi qalandı. Hey ona payladıq, buna payladıq, axırda yenə bir-ikisi qalıb xarab oldu.

Kəmaləddin sükutu pozdu:

– Kim nə deyir-desin, mənim ceyran vurmağa əlim qalxmır…

– Çünki heç vurmamısan, ləzzətini bilmirsən… Elə ki gülləni boşaldırsan, bir də görürsən ceyran havada mayallaq aşıb başı üstə elə tullandı ki…

Məclisdə qəhqəhə qopdu.

– Xa-xa-xa…

Şəfi yanında oturan arıq qonağa baxdı. Bircə o gülmürdü. Qonaq da dönüb ani, istehzalı bir təbəssümlə Şəfiyə baxdı. Aslan xan əlini məclisə tərəf uzatdı:

– Ağalar, – dedi, – biz hamımız köhnə gəncəliyik.

Əsgər xan arıq barmağını ona sarı silkələdi.

– Gəncə sözünü az işlət, yoxsa xərcə düşərsən.

Məclisdən qəhqəhə qopdu. Aslan xan əlindəki yaylıqla gözlərini silib öskürdü.

– Ağalar.

İbrahim xan əlini qaldırdı:

– Aslan xan, qoy Mirzə Şəfi bir şey oxusun, sonra danışarsan. – Xan, Şəfiyə baxdı: – Əlbəttə, öz şeirlərindən.

Əsgər xan məmnun halda səndəlini Şəfiyə sarı döndərib gülümsədi:

– Buyursun.

Şəfi yerini rahatlayıb fikrini cəmləşdirmək üçün gözlərini qıydı. Nə oxusun? Şeirlər ildırım sürəti ilə onun şüurundan keçməyə başladı. Birdən-birə unudulmaz bir yaz gecəsində yazdığı qəzəl yadına düşdü. Qonaqlardan bəzisinin gözlərində səbir kasası daşarkən Şəfi pıçıltıdan azca güclü bir səslə oxumağa başladı:

 
Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə,
Doldurub bağçaları, bağları hicran bu gecə.
Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə,
Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə.
 
 
Bütün aləm yuxuda, təkcə məhəbbətdir oyaq,
Ona aydın görünür hər tərəf, hər yan bu gecə.
Unudub dərdi-qəmi gör nə yatıb insanlar,
Oxuyur Mirzə Şəfi onlara dastan bu gecə.
 

Məclisə uzun sükut çökdü. Nədənsə hamıdan çox Şəfinin özü mütəəssir olmuşdu. Keçmişin həsrət dolu, qubar dolu mənzərəsi bir anlıq onun gözləri önündə canlanmışdı.

– Sağ ol.

– Sağ ol.

– Sağ ol.

Badələr içildi.

Şəfi bilirdi ki, indi onu alqışlayan bu hörmətli ağalar sabah onu küçədə görəndə üzlərini yana çevirəcəklər. Nə eybi, təki Züleyxa onun olsun. O, qəlbindən axan göz yaşlarının sevinc olduğunu hiss edib qədəhi başına çəkdi. Şüurunu tutqun duman pərdəsi bürüdü. Görünür, şərab çox tünd idi. İbrahim xan ona iftixarla baxırdı. Şəfi xanın nəzərləri altında başını aşağı dikib yeyir və nə yediyini bilmədən daha artıq bir qüvvətlə Züleyxanı düşünürdü. O bu gün sevgilisini görə bilməyəcəkdimi?

Əsgər xan əllərini silib özünü səndələ buraxdı. O, Şəfini məhəbbətlə seyr edərək:

– Bütün aləm yuxuda, təkcə məhəbbətdir oyaq… Belə de… Deməli böyük şairlər dünyada hələ yox deyilmiş.

Şəfi nə deyəcəyini bilmədən başını aşağı dikib susurdu. Bu yüksək və gözlənilməz tərifdən sonra nə demək lazım olduğunu, özünü necə aparmaq qaydasını bilmədən susurdu. Əsgər xan isə:

– Deməli belə… – Amma, – dedi, – qorxuram ki, Mirzə Şəfi o böyük şairlərin axırıncısı olsun.

– Niyə, Əsgər xan!

– Niyə? – Əsgər xan acı-acı gülümsədi. – Çünki indi məddahlar zəmanəsidir. Böyük şair doğulmuşları isə məddaha çevirə bilməzsən.

Kəmaləddin başını yırğaladı:

– Vot kak.

Əsgər xan gözləri Şəfidə fikrə getmişdi. Nəhayət, o, dərindən köks ötürüb acı-acı:

– Bəli, belədir… Çox təəssüf ki, belədir, – dedi.

– Mirzə Şəfi məddah olsaydı…

Şəfi Kəmaləddinə sarı ani bir nəzər salıb üzünü yenə Əsgər xana çevirdi:

– Ulduzlar həmişə parıldayır, bulud olsa da, olmasa da.

Qədəhlər yenidən doldu. İbrahim xan üzünü Şəfiyə sarı tutub:

– Ay Mirzə, bir gülməli şey oxu ki, qonaqların kefi açılsın.

Şəfi birdən-birə tutuldu. Xan deyəsən həddini aşırdı. Ancaq xatırladı ki, bu sözləri ona adi bir xan deyil, Züleyxanın atası deyir.

 
Nüfuzlu bir şəxs idim
Bir böyük ölkədə mən.
Şah ilə canbir idim,
Deyirəm bəlkə də mən.
 
 
Şah cana doymuş idi
Yaltaqların əlindən.
– Həqiqəti deyən kəs
Gəlsin, gözləyirəm mən.
 
 
Tutqun bir təbəssümlə
Belə dedi hökmdar.
Bu vaxt açdım qəlbimi,
Dedim fikrimdə nə var.
 
 
Dedim həqiqətləri
Etmədən əgər-əskik.
Bununla da saraydan
Qovuldum həmişəlik.
 

Məclisdəkilər gülüşdülər.

– Bəs necə, elə bilirdin sənə xələt verəcəklər… Qədəhlər yenidən boşaldı. Süfrəyə yeni-yeni yeməklər gəldi.

Həyatının bu qeyri-adi dönüşündən çaşıb qalmış Şəfi yeyir, içirdi. Bu nə oyun idi? Bu barədə, heç fikirləşmirdi də. Otuz il onu qapı ağzında qoyan həyat indi birdən-birə öz qapılarını onun üzünə laybalay açmışdı. Şəfi özünü axına vermişdi. Qoy tale onu hara aparırsa aparsın.

14

Səhərisi Şəfi xeyli gec oyandı… Güclə yerindən durub geyindi, həyətə düşdü. Aydın, solğun bir payız günü idi. Xəzəllər həyəti örtmüşdü. Çinarların tək-tək yarpaqları dərilməmiş heyvalar kimi saralırdı.

Şəfi novça üstə əyilib fikrə getmişdi. Başı ağrıyırdı… O, dünənki məclis haqqında düşünürdü…

Əsgər xan. Şəfi onun simasını, odlu-odlu danışmasını, acı gülüşünü xatırladı… Niyə belə arıq idi? Yəqin ki, xəstədir…

Xəyalında kiminsə qəribə sifəti canlandı. Sarı baş, sarı üz, sarı gözlər… Özü də heyva kimi gipgirdə… Aha, Aslan xandır…

Özündən razı xandan xilas olmaq üçün o, əlini suya saldı. Buz kimi soyuq idi. Su daşla hörülmüş novçadan balaca şəlalə kimi şırıltıyla tökülür, köpüklənib axırdı. Şəfi əlinə baxdı. Damarları göyərib daha da şişmiş kimi görünürdü. Rəhmətlik Hacı Abdulla həmişə onun əlinin damarlarına baxıb deyərdi:

– Şəfi, sənin qanın çoxdur. Yaman çox yaşayacaqsan.

O, Züleyxanı xatırladı və cəld yuyunub məscidə qayıtdı. Birdən-birə necə olursa-olsun bu gün hökmən Züleyxanı görmək istədi. Amma düşündü: bu gün getsəm, deməzlərmi niyə gəlmisən? Dünən bütün günü orada olmuşam… Niyə gəldiyimi o saat biləcəklər. Bəs sabahacan necə gözləyim? Birdən sabah da bir hadisə olsa?

O, məsciddən çıxıb gedə-gedə düşünür, xangilə getmək üçün bir bəhanə axtarırdı. «Bircə dəfə, bircə anlıq, lap uzaqda görsəm bəsdir».

Şəfi bazar qabağıyla gedirdi. Bir-birlərinə yapışıb uzanan dükanlardan mallarını tərifləyən baqqalların, dükançıların səs-küyləri yüksəlirdi.

– Mirzə, ay Mirzə.

Şəfi səs gələn tərəfə baxdı.

Açıq pəncərədən yastı, buxara papaqlı bir baş çölə uzandı… Papaqçı Xəlil idi. Tez-tez danışan məzəli bir adam idi.

– A Mirzə, belə də olmaz axı. Yenə düz gedirsən.

Şəfi istər-istəməz yolunu dəyişdi. «Bəlkə başım söhbətə-zada qarışdı».

Dükana girib salam verdi. Usta əlində qıyıq, iri şiştəpəli bir papaq tikirdi. O, əvvəlcə Şəfinin papağına, sonra isə üzünə nəzər salıb şagirdinə sarı döndü.

– Səndəl ver, Mirzə otursun.

Sonra yenə Şəfiyə sarı döndü:

– Mirzə, çaydan, qəhvədən.

– Sağ ol, usta, heç şey lazım deyil.

Usta bu cavabdan razı halda:

– Hə, danış görüm hardasan, işlərin necədir? Özün bilirsən ki, – usta böyük bir xəbər vermiş kimi təntənəylə gülümsədi, – mən sənin əşarının çoxdankı pərəstişkarıyam. – O, Şəfinin dodaqlarındakı incə təbəssümə əhəmiyyət verməyərək: – Dünən Hacı Qafurla Hacı Orucgildə səndən xeyli danışdıq.

Şəfi maraqlandı:

– Necə bəyəm?

Şəfinin Hacı Qafura dərin rəğbəti var idi. Axı onu İbrahim xana o nişan vermiş, Züleyxa ilə görüşdürmüşdü.

– Hacı Qafur sənin Hacı Mehdiqulunun yasında axund Sədrəddinlə mübahisənnən danışdı…

«Deməli bütün şəhərə yayılıb. Nahaq yerə, zərərdən başqa xeyri olmayacaq».

– Mirzə…

Qapıda kimsə göründü. Usta sözünü kəsib ayağa durdu.

– Buyur, kəblə, buyur.

Kərbəlayı Nəsir, yanında da birisi içəri girdi.

– Əssəlamün-əleyküm.

– Və əleykümə-salam.

Usta səndəl dalınca getdi. Kəblə Nəsir Şəfini gördü.

– Mirzə də burdadır… Xoş gördük, xoş gördük.

– Sağ olun, Kərbəlayı.

– Necəsən, ay Mirzə, çoxdan əhval tutmuram. Kefin sazdırmı?

– Niyə, pis deyil. Sizdən nə əcəb?

Kəblə əbasını göstərdi:

– Əşşi, necə olacaq, üst-başıma bax.

Kəblənin əbası tamam palçıq idi.

– Arvad bilsə ki, palçıq murdar heyvan ayağından sıçrayıb, götürüb əbanı-zadı yandırar…

Usta Xəlil səndəli göstərərək:

– Kərbəlayı, sən allah, otur bir, Mirzə bu saat təzə şeirlərindən oxuyacaq. Axı sən də mənim kimi şeir xiridarısan.

– Hə, deyirsən Mirzəyə qulaq asaq, hə? – O, yanındakına sarı döndü: – Fəxrəddin, bala, istəyirsən get. Arabanı yükləyərsiniz, mən də gəlirəm.

Fəxrəddin Kərbəlayıya baxıb şit-şit gülümsədi. Usta Xəlil bu təbəssümün mənasını başa düşüb:

– Kərbəlayı, işin olmasın, qulaq asmaq istəyir.

Kərbəlayı, Fəxrəddinə tərs nəzər salıb üzünü Şəfiyə sarı çevirdi.

Şəfi Kərbəlayının qırmızı saqqalına, arıq sifətinə, mülayimliklə dolu nəm gözlərinə baxıb birdən-birə ürəyindən onu acıqlandırmaq keçdi. Ona görə fikrini dəyişib, Hacı Ağasıya2 yazdığı şeiri oxudu:

 
Tulla, Mirzə Şəfi, boş niyyətini,
Əl çək sərsəmlikdən, sərvaxt ol, sərvaxt.
Sən öz hünərini, fərasətini
Ağıllı bir işə sərf elə hər vaxt.
Bax gör Mirzə Hacı Ağası birdən
İranda nə böyük bir cənab olub.
 

Hacı Ağasının adı çəkilən kimi Kərbəlayının gözlərindəki mülayimlik qəzəb və təşvişlə əvəz olundu. Ancaq nədənsə nə tərpənə, nə də Şəfiyə mane ola bilirdi. Yəqin ona görə ki, şeirin necə qurtaracağını bilmirdi. Şəfi azca fasilədən sonra şeirin ardını oxudu:

 
Əvvəl seçilməzdi heç birimizdən,
İndisə sinəsi nişanla dolub.
 

Şəfi susub Kərbəlayı Nəsirə baxdı, sonra gözlərini ondan ayırmadan oxudu:

 
Vəzir olmaq üçün qoy deyim sənə
Nadan olmalısan sən hər yaşında.
Hacı Ağasıtək, ağıl yerinə
Çalma gəzdirəsən gərək başında.
 

Məsələdən xəbərsiz olan Fəxrəddinlə şagird qəhqəhə çəkdilər. Usta Xəlil süni bir narazılıqla başını yellədi. Rəngi ağarmış Kərbəlayı Nəsir isə qəzəblə:

– Qurtardın? – deyə ayağa qalxdı.

Şəfi hər şeydən xəbərsiz kimi:

– Necə bəyəm, kəblə? – deyə soruşdu.

Kərbəlayı Nəsir cavab vermədi, xudahafizləşmədən qapını çırpıb getdi. Fəxrəddin də cəld qalxıb onun dalınca çıxdı.

Usta Xəlil başını buladı:

– Rəhmətliyin oğlu, oxumağa başına şey qəhətdi?

Şəfi yenə özünü bilməzliyə vurdu:

– Axı nə oldu belə?

Ustanın gözləri heyrətlə bərəldi.

– Deməli, sən heç bir şey bilmirsən?

– Xeyr.

– Xa-xa-xa…

Usta Xəlil qarnını tutub, qəhqəhəylə gülməyə başladı.

– Bəs sən bilmirsən ki, Hacı Ağası kəblə Nəsirin bacısını siğə eləyib?

Bu dəfə Şəfi də qəhqəhə çəkdi. Üçü də bir yerdə gülürdü. Şəfi göz yaşları içində:

– A kişi, belə de də… Kişinin elə bil yarasına duz basdılar.

Usta Xəlil gülüşdən boğula-boğula şagirdinə sarı döndü:

– Muxtar, sən allah, gedib bizə Çeri Qənbərdən üç qab piti gətir. Mirzə günortaya mənə qonaqdır.

15

Günortadan xeyli sonra Şəfi pərişan halda məscidə qayıdırdı. O, usta Xəlilin dükanından çıxıb bir neçə dəfə İbrahim xanın evi ətrafında hərlənmiş, ancaq bir şey çıxmamışdı. İçəri girməyə cəsarət etməmiş, hasarın yarıqlarından baxmağa da utanmışdı. Çünki adamlar aramsız olaraq gəlib-gedirdilər. Arada qapı bir neçə dəfə açılmışdı. Əlimərdan əlində teşt qonşu həyətə girmiş, sonra çadralı bir qadın, dalınca da çiyni səbətli bir kişi içəri girmişdi.

Bir saat vurnuxandan sonra, nəhayət, Şəfi Züleyxanı görə bilmədən yorğun və məyus halda evə qayıtdı. Beynində fikirlər, qəlbində xatirələr bir-birinə qarışmışdı. Daxilində qorxunc bir boşluq yaranır, get-gedə dərinləşirdi… Nə oldu belə? Bolluca güldü, ona görəmi? Züleyxanı görə bilmədi, onun üçünmü? Axı sabah görəcək… Nəinki görəcək, üz-üzə oturacaq, gülüşünə, səsinə qulaq asacaq, üzünə, gözlərinə, saçlarına, əllərinə, yerişinə tamaşa eləyəcək. İstəsə lap əllərindən tutacaq… Qabaqda cəmi bir gecəlik vaxt durur…

Gecə, bir gecə… O niyə dəhşətli vəziyyətə düşdüyünü indi başa düşdü. Gecələr, gecələr… Bütün vücudu uçundu. Həyatının dəhşətli çağları yadına düşdü. Elə bu vaxt qarşısında kim isə dayandı.

– Salam, ay Mirzə.

Şəfi canüzücü fikirlərdən ayrılıb, ağır-ağır çevrildi. Önündə bir sima gördü. Bu kim ola?

– Naciyəm.

Cavan elə bil Şəfinin niyə fikrə getdiyini anlayıb köməyə gəldi. Şəfi ayağa qalxdı. Görüşdülər. Sonra dayandı. Nacinin üzünə baxdı, gülümsədi.

– Heç bilmirəm sizi hara dəvət eləyim. Evim məsciddir, ordan da deyəsən qovacaqlar.

İkisi də gülümsədi. Naci onun dərdli, eyni zamanda gülümsəyən gözlərinə baxıb, doğrudan da Şəfinin ağır vəziyyətdə olduğunu hiss etdi. Əlini mehribancasına onun çiyninə qoydu:

– Gedək, Mirzə, çay qırağında oturub bir az söhbət eləyək.

O, Şəfinin bayaq necə dərin fikirdə olmasına işarə vuraraq:

– Yüz fikir bir borcu ödəməz deyiblər. Allah kərimdir, – dedi.

Şəfi birdən-birə qəlbində xoş bir yüngüllük duydu. «Doğrudan da, axı nə olub ki? Evim yoxdur, nə olsun, bir ev tutub kirayə yaşamağa nə var ki? Mənim kimi nə qədər adam var, mən də onlardan biri… Allaha şükür eləməliyəm ki, mənə Züleyxanı rast gətirib».

Naci danışır. Şəfi həm dinləyir, həm də düşünürdü:

– Mən sizi qabaqlar bir neçə kərəm görmüşdüm. Axund Ələsgərgildə, sonra Hacı Abdullagildə, amma iş elə gətirdi ki, siznən heç cür görüşə bilmirdim. Mənə Hacı Əbdülxalıq dərs deyib… Sizə gərək ki, Molla Pənah Hacı Muxtar oğlu, hə? Rəhmətliklər yaxşı kişilərdi. Həmişə sizi soraqlayırdım.

– Axtaran tapar.

– Mən də tapdım. Elə bilirəm ki, çox da gec tapmışam.

Şəfi birinci dəfə diqqətlə onun üzünə baxdı…

Alnı nə yaman dikdir. Girdə burnu, açıq qonur gözləri var. Yaxşı oğlana oxşayır.

Onlar İmamlıdan keçib çay qırağına çıxdılar. Axşam düşdü. Adamlar bazardan, işdən, səfərdən evlərinə qayıdırdılar.

Çay sahili boyunca alçaq evlər uzanıb gedirdi. Bura Gəncənin yoxsullar məhəlləsi idi.

Günəş evlərin kiçik pəncərələrində əks edib, alov kimi şölə saçır, göz qamaşdırırdı.

– Sən rast gəlməyə bax. O gün mən heç cür meyxanaya gəlmirdim. İçmək istəmirdim. Cavad məni güclə gətirdi. Sonra da ki…

Naci güldü. Şəfi dağların üstündə qızarmış buludlara baxa-baxa:

– Əgər bütün dostların o cürdürsə, onda mənnən dostluğa qorxuram peşman olasan.

Naci onun nəyə işarə vurduğunu başa düşdü.

– Allah eləməsin. Mirzə, bilirsən, o, ayıq vaxtı necə oğlandır… Elə ki, içdi, üzünü görmə. Sizin bəxtinizdən o gün içib ora gəlmişdi. Amma xəncər çəkməyinə baxma, bir qələt eliyən döyül.

Onlar çayqırağı yamacla aşağı enməyə başladılar.

– Mirzə, o səninlə olan kim idi?

– Cəmaləddin. Baqqal Nağının oğlu.

– Çolaq Nağının?

– Hə, evləri hamamın yanındadır.

– Tanıdım, tanıdım. Mirzə, sən hara, o hara?

– Qabaqlar yaxın idik. Sonra gördüm mənim dediklərimi dəyişib, orda-burda danışır. Yanımda pisliyinə danışdığı adamları görəndə az qalır qucaqlayıb öpsün.

Naci başını yırğaladı.

– Tanıyıram. Cabbar adında dostu vardı, bilmirəm tanıyırdın, ya yox? Bu onlara, o da bunlara gəlib-gedərdi. Sən demə, bütün o həngamə kişinin arvadına görəymiş. Nə isə, şeytana lənət…

Şəfini fikir götürmüşdü. Naci çəmənlik olan yeri göstərdi:

– Mirzə, oturaq burda.

Onlar yarğandan aşağı kiçik yamacda oturdular.

Sakit axan çayın naxışabənzər qırçınları axşam günəşinin son şəfəqləri altında qızılı rəngə boyanmışdı.

– Mirzə, indi kimə dərs deyirsiniz?

Şəfi sözlərini çayın qırçınlı sinəsindən ayırmadan:

– İbrahim xanın qızına…

O, birdən-birə hiss etdi ki, Züleyxa haqqında nə qədər danışmaq, nə qədər eşitmək istəyir. Naci fikrə getdi.

– Mən bir-iki il əvvəl onlarda olmuşam. Amma balaca bir qızdan savayı qadın xeylağı görməmişəm.

Şəfi gülümsədi:

– Elə odur ki var. Qız uşağı tez böyüyür…

Naci onun qız barədə hökmən danışacağını hiss edib, nəzərlərini çaya endirib, gözləməyə başladı.

Şəfi fikrə getmişdi. «Niyə bu barədə soruşdu? Yoxsa bunun da Cəmaləddin kimi ayrı niyyəti var?.. Görəsən münasibətlərimizi danışımmı? Bəlkə ağıllı, xeyirli bir məsləhət verdi? Pis düşməzmi? Axı hələ necə adam olduğunu bilmirəm? Eh, nə olur-olsun, gedib orda-burda nə danışacaq, qoy danışsın… Mən ki ona inanıram».

Naci də onun qəlbindən keçənləri hiss edibmiş kimi gülümsəyirdi.

– Bəli, Naci, ömrümün otuz birinci ilində on səkkiz yaşlı qızın əsiri olmuşam. Əziz Naci, heç bilmirəm neyləyim? Az qala dəli oluram…

O, başını aşağı dikib susdu. Naci diqqətlə ona baxıb düşünürdü:

…Deməli, bu qədər haqqında düşündüyüm Şəfi budur, şeirlərini dəftərimə yazıb əzbərlədiyim Gəncənin birinci şairi Mirzə Şəfi… Nə qədər ürəyiaçıq, sadə…

İndi burada Naciylə yanaşı oturub ən gizli niyyətlərini ona danışır.

– Heç bilmirəm axırı necə olacaq?

– Qızın könlü varsa, lap yaxşı olar.

Şəfi başını yellədi:

– Qızın könlü olsa da verməyəcəklər.

– Verməsinlər, götürüb qaçırarsan. Bir aydan sonra özləri qapına gəlib barışacaqlar.

Şəfi güldü. O düşünürdü: «Qapı var ki?»

Axşam düşmüşdü… Çayın şırıltısından başqa heç bir səs eşidilmirdi. Uzaqdan, Kəpəzlə Qoşqar tərəfdən soyuq külək gəlirdi.

– Nə bilim, vallah, görək necə olur.

– Mirzə, qızın adı nədir?

Şəfi aşağıdan-yuxarı onu süzdü:

– Adı? Züleyxa.

Şəfinin gözləri elə bil işıq saçırdı. Naci gözlərini ondan ayırmadan:

– Mirzə, qoy sizə bir söz deyim. İndi necə bir müşkülə düşdüyünüzü bilirəm… Buna görə də bu qədər çox fikirləşirsiniz. Ancaq dediyim odur ki, fikirdən bir şey çıxmaz. Necə gəldi, elə də yaşayın, əylənin, o meyxanadakı kimi deyin, gülün. Çünki alnımıza nə yazılıbsa, o da olacaq. Əgər Züleyxa alnınıza yazılıbsa, sizə də qismət olacaq, yazılmayıbsa olmayacaq. Siz çalışın fürsəti əldən verməyin… İndi isə durun, yavaş-yavaş gedək.

Şəfi onun ətəyindən dartdı.

– Dayan, indi ki, söhbət açıldı, qoy axıra çatdıraq.

Naci itaətlə dizlərini qatlayıb oturdu.

– Əziz Naci, mən özüm şən, deyib-gülən adamam… Çünki Xəyyam demişkən, bilirəm ki:

 
Zan piş ke qəmhat şəxioun arənd,
Bəy kuy ta meyəgülgün arənd.
To zər neyi ey ğafəle əbləh ke tora,
Dər xak nəhənd və baz birun arənd.3
 

Mən bu yaşımacan çox acılıqlar, çox məyusluqlar görmüşəm. Mənim yerimdə kim olsaydı, bəlkə də çoxdan o dünyalıq olmuşdu. Ancaq mən uğursuzluqların hamısını oxuya-oxuya yola salmışam. Heç vaxt qəzanın qabağında boyun əyməmişəm. Bu qədər müddət ərzində yurdsuz-yuvasız yaşadığım halda, hələ heç kim məni ağlayan, birinə yalvaran, dilənən görməyib. Halbuki istəsəydim mənliyimi, azadlığımı qurban verib çoxdan var-dövlət sahibi olardım. Lap aşağısı, İrana gedib, istədiyim xanın sarayında məddahlıq eləyib, lap bəlkə də, vəzirdən, vəkildən olardım.

Naciyə elə gəldi ki, Şəfinin gözlərində yaş zərrəcikləri parıldadı. O, indi hiss elədi ki, nəğmələri şəhərdə dillər əzbəri olan bu müdrik və məğrur insanın ürəyi yaralarla, çapıqlarla doludur.

– Necə bilirsiniz, ola bilərdim, ya yox?

Qaranlığın təsirindənmi, yaxud Şəfinin səsini qəfil artırdığındanmı, Naci diksindi. Sonra Şəfinin təbəssümlü üzünə baxıb qeyri-ixtiyari o da şən, qayğısız halda güldü:

– Əlbəttə, Mirzə. İki eşşəyin arpasını bölə bilməyən Hacı Ağasılar vəzir olanda, siz gərək şahlar şahı olasız.

– Ay sağ ol… Cavad xanı tanıyırdınmı? Onun qızı Püstə xanım İrana gedəndə düz bir həftə ilan kimi dil çıxarıb mənə yalvardı. Amma yenə getmədim. Bəlkə səhv eləmişəm. Ancaq keçib gedib. Bilirsənmi niyə getmədim? Çünki mən səadətin nə olduğunu bilirəm. Bəlkə də buna görə onnan məhrumam. Mən var-dövlət hərisi deyiləm. Mənə lazım olan nədir bilirsənmi? Gözəllik, gözəllik. Tale onu məndən şıltaqcasına uzun müddət gizlətdi. İndi həyatımın otuz birinci ilində axtardığımı tapmışam.

Naci gözlərini Şəfinin üzünə, dodaqlarına zilləyib qulaq asırdı. O bu günə kimi belə hisslə, həyəcanla söhbət edən adama rast gəlməmişdi.

– Naci, heç…

Şəfi gözlərini qıyıb, saqqalını didişdirməyə başladı. O, fikrini ifadə etmək üçün misal axtarırdı.

– Heç tor atıb balıq tutmusanmı?

– Xeyr.

– Ay, ay… Torla balıq tutmaqdan gözəl nə var… Hə, elə zənn elə ki, hər gün səhərdən axşama kimi gedib çayda tor atırsan, heç bir şey tuta bilməyib, axşam yenə əliboş qayıdırsan. Aylarla ovun belə keçir. Daha heç bir şey tutmağa gümanın olmadığı vaxt birdən-birə toruna qızılbalıq düşdüyünü görsən necə olarsan?.. Qızılbalıq, özü də bir pud ağırlığında.

Naci bir şey başa düşməyərək mat-mat ona baxırdı. Şəfi onun bu ciddi baxışlarını görüb, birdən gülümsədi. Naci də güldü.

– Hə, Naci, Züleyxa da mənimçin elə belə bir şeydir. İndi qorxuram ki, həmən qızılbalıq əlimdən sürüşüb düşə, yaxud yoldan ötən qoluzorlunun biri gəlib əlimdən ala.

– Onda siz nə qədər fürsətdir, götürüb qaçın.

Şəfi barmaqlarıyla otları didişdirərək:

– Hara qaçırım, yerim var ki? – dedi.

– Sən qızı hansı kəndə qaçırsan, yer verərlər… Bir-iki həftə yaşayarsan, sonra da allah kərimdir.

Aralığa sükut çökdü. Naci ayaqlarının ağrıdığını hiss edib, ayağa qalxdı.

Ay doğmuşdu. Çay boyu düzülmüş söyüdlərin çılpaq çubuqları dəstə ilə suya sallanmışdı. O biri sahildəki evlərin kiçik pəncərələri qaranlıqda canavar gözləri kimi közərirdi. İt hürüşməsi, qurbağaların qurultusu çayın şırıltısına qarışıb qərib, qəmli ahəng yaratmışdı, Yuxarıdan, yoldan əli məşəlli adamlar ötüb-keçir, bərkdən danışır, mübahisə edirdilər.

Şəfiylə Naci qeyri-ixtiyari qulaq asırdılar.

– Mənəm, qoymayacağam. Mən o ac köpəkoğluna qız verməyəcəyəm.

Danışan qadın idi. Səsində bir qətiyyət, bir çılğınlıq var idi.

– İstəyir lap Şah Abbası gətirsin, verəsi deyiləm. Gül parçası kimi uşağımı çöldən tapmamışam.

– Ay arvad, sən allah qışqırma. Qızın yiyəsi sən döyülsən ha?

Danışan sözsüz ki, əri idi. Ancaq aşkar görünürdü ki, kişi dediyinə özü də inanmır. Arvad əks-hücuma keçdi:

– Yiyəsi mən döyüləm?

Nəsə şıppıltı eşidildi. Deyəsən arvad əlini sinəsinə çırpdı. Məşəl titrədi.

– Bu birçəklərimi yolaram, əgər mən ona qız versəm.

Get-gedə uzaqlaşdılar. Səsləri də eşidilməz oldu.

Şəfiylə Naci mənalı nəzərlərlə bir-birinə baxdılar.

«Bəli, hansı bir məhəbbətinsə taleyi həll olunur».

Şəfi birdən-birə qəlbinə acı bir ümidsizlik dolduğunu hiss etdi. Fikrini dağıtmaq üçün göyə, ulduzlara baxdı. Üşüdüyündən əbasına büründü:

– Sabahdan kürk vaxtıdır.

Onlar yola çıxdılar. Şəfi ayağının altına baxa-baxa dedi:

– Mən gecə koruyam, Naci. Sən gəl keç qabağa.

Naci dayandı.

– Mirzə, gəl bu tərəfdən gedək. Orda Ələddin dalanında bir dəstə it var… Qaranlıqda düşərlər üstümüzə.

Şəfi dinməzcə geri döndü. Qabaqda gedən Naci palçığa düşməməkçin yerə baxa-baxa:

– Mirzə, bəlkə bu yaxınlarda səfərə çıxdım. Mənimlə gedərsənmi?

– Hara, Ərzuruma?

Naci zarafatı başa düşməyərək:

– Yox, əşşi. Yaxın yerə. Atnan gedib-gələrik.

– Sağ ol, Naci.

Şəfi çoxdan deməli olduğu sözü axtarırdı:

– Sovqatına görə də sağ ol. Öz aramızda qalsın, lap vaxtında göndərmişdin. Qaldı ki səfər məsələsi, bir hadisə-zad olmasa, neynək, gedərik.

Onlar söhbət edə-edə uzaqlaşıb qaranlıq küçələrdə gözdən itdilər.

1.Seyid Səttar, bağdadlı dərviş.
2.Mirzə Hacı Ağası XIX əsrin 30-cu illərində İran şahı Məhəmmədin sədr-əzəmi – baş naziri olmuşdur. Tarixdə ən qəddar və müstəbid dövlət başcılarından biri kimi tanınmışdır.
3
Basqın eləməmiş sənə qəm, kədər,Əmr elə gül rəngli şərab versinlər.Qızıl deyilsən ki, ey qafil, səniBasdırsın, yenə də çıxarsın bəşər.

[Закрыть]

Bepul matn qismi tugad.

14 651,72 s`om
29 303,44 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
330 Sahifa 1 tasvir
ISBN:
978-9952-8451-1-7
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar