Kitobni o'qish: «Sağlığında qiymət verin insanlara»

Shrift:

MƏNİM MÜƏLLİMLƏRİM

 
Bu gözəl gününüzdə,
bu əziz çağınızda,
Mənim müəllimlərim,
mənim müqəddəslərim;
Mən üç oğul atası
sizin qabağınızda,
Qızıl qalstuk taxıb
şagird olmaq istərəm…
Dayanıb qarşınızda
kövrək, sakit, ləkəsiz,
İstərəm ki, siz məni
imtahana çəkəsiz…
Mən necə yaşamışam,
necə yollar getmişəm,
Nə şerlər yazmışam,
nə nəğmələr ötmüşəm,
Mənim nəyim yaxşıdır,
mənim nəyim pis deyil,
Mənim peyğəmbərlərim,
siz söyləyin, siz deyin!
Mənim müəllimlərim,
sevgi mücəssəməsi,
Bəzən ata əvəzi,
bəzən ana əvəzi.
Sizin üçün il nədir,
sizin üçün yaş nədir…
Ürəyimdə yeriniz
ən yuxarı başdadır…
Səsinizə borcluyuq,
sözünüzə borcluyuq.
Nurunu bizə verən
gözünüzə borcluyuq.
Sizin üçün mən dönüb
arzu, əməl olaram.
Heykəliniz olmasa
sizə heykəl olaram…
Bu əziz gününüzdə,
bu əziz çağınızda,
Mənim müəllimlərim,
mənim müqəddəslərim,
Mən üç oğul atası
sizin qabağınızda
Qızıl qalstuk taxıb
şagird olmaq istərəm…
 

İRAN QADINLARINA HEYRƏT MƏKTUBU

İran inqilabında kişilərlə, cavanlarla çiyin-çiyinə yüzlərlə qadın da üsyan etmiş və həlak olmuşlar…


 
Vuruş kişi peşəsidir,
döyüş kişi peşəsidir,
Bütün bəşər yaxşı bilir
bu iş kişi peşəsidir.
Barrikada döyüşündə
kişi kimi siz öldünüz,
Siz elə bil fağır, sakit
o qadınlar deyildiniz.
Yer kürəsi elə bil ki,
sizi təzə kəşf elədi,
Çadranızın qabağında
şah sarayı qəşş elədi…
Bütün iran xalqı üçün
sanki təzə doğulanlar,
Yaşmaq ilə polad tanklar
üzərinə şığıyanlar,
Qış fəslində körpəsini
güllə ilə qızdıranlar,
Yumruğuyla Amerika
toplarını susduranlar,
Əri ilə, oğlu ilə həlak olub
göz yumanlar.
Çox da dəblə geyinməyən,
çarşaflılar, gen tumanlar,
Qəzəbiniz qalxan idi,
yaşmağınız sipər idi –
Bu nə böyük dava idi,
bu nə böyük hünər idi?!
O cəlladlar tanklar ilə,
siz yaş dolu gözlər ilə,
Siz analıq qəzəbiylə,
onlar odlu qazlar ilə.
Bax, bu sayaq vuruşdunuz.
bax bu sayaq siz öldünüz,
Elə bil ki, fağır, miskin
Şərq qadını deyildiniz…
Çadranı da ucaltdınız,
milləti də ucaltdınız,
Namusu da, qeyrəti də,
isməti də ucaltdınız,
Bu gün durub səsləyirəm
şairləri, əsərləri,
Ey Hafizin, ey Xəyyamın
mələkləri, gözəlləri,
Sizi Şərqin dahiləri
dilbər deyə çağırıblar,
Canan deyə,
Qaşınıza kaman deyə,
Zülfünüzə ənbər deyə, –
Dilinizə şəkər deyə –
çağırıblar.
Sərv boylu,
püstə dodaq çağırıblar.
Amma bu gün mən deyirəm,
belə nahaq çağırıblar.
Sizi qərbin dahiləri
bəzən miskin, bəzən kölə
vəsf ediblər,
Amma bu gün mən deyirəm
nahaq belə vəsf ediblər,
Həcərimin bacıları, doğma əziz,
Qəhrəmanlıq dastanına
layiqsiniz hər biriniz!
Qoca Qərbin bər-bəzəkli
xanımları,
Qoca Qərbin ağ əlcəkli
xanımları,
Bütün mərmər bədənlilər,
bütün incə qədəmlilər,
Fraular,
madonnalar,
Zər-zibalı geyimlilər
tovus kimi kəkillilər,
İlk dəfəydi sizə həsəd
çəkirdilər.
Dilinizdə döyüş idi, urra idi,
şərqi idi,
Şərq doğurdan əfsanələr
Şərqi idi…
Biz görürdük sizin bütün
vücudunuz üsyan deyir,
qisas deyir.
Demək zahir, demək geyim
əsas deyil,
Ey haqq deyib həlak olan
qorxmazlarım,
igidlərim,
Ey çarşaflı, ey çadralı,
ey yaşmaqlı
şəhidlərim,
Siz intiqam qışqıranda
hay verəndə üsyanlara.
Az qalırdı tüfəng alıb
hücum edim ekranlara.
Sizi durub hifz eləyim,
canım ilə, gözüm ilə,
Sizə dəyən güllələri
sinəm ilə qabaqlayım.
Ərinizin yanındaca,
mən öpüşüm sizin ilə,
Nişanlınız duran yerdə
boynunuzu qucaqlayım.
Qoca İran, ürəyimi
bir məşələ döndərirəm,
Qoca İran, gözün aydın,
şah zülmünün sonu çatdı.
Bu bir heyrət məktubudur
ünvanına göndərirəm,
Ən birinci qadınlara
onu oxu, onu çatdır.
 
* * *
 
Azərbaycan, ötəcəyəm adını,
Nə qədər ki, ilhamım var, sözüm var.
Çöllərində nəhayətsiz nəciblik,
Dağlarında bir yenilməz əzm var.
 
 
Mənim üçün cahan səndən başlayır,
Məslək, qeyrət, vicdan səndən başlayır.
Sevgi, nifrət, güman səndən başlayır,
Sənin kimi bir ölməyən kəsim var.
 
 
Qədim dilin – allahımdır o mənim,
Bu günümdür, sabahımdır o mənim,
Həm nəğməm, həm silahımdır o mənim,
Onda saysız cavahir var, qızıl var.
 
 
Əsrlərlə yadellilər, oğrular,
Varını ha taladılar, soydular,
Nə tükəndin, nə əyildin, ey diyar,
Çünki səndə hər bir dərdə dözüm var.
 
 
Babəklərin mətanətə səsləyir,
Həcərlərin mərd övladlar bəsləyir.
Ana yurdum, yaxşıların az deyil,
Amma hələ bir xeyli də pisin var.
 
 
Mənə oğul deməyinlə ölməzəm,
Bircə tikə çörəyinlə ölməzəm,
Bircə solmuş çiçəyinlə ölməzəm,
Bircə əsim küləyində səsim var.
 
 
Nə varının, dövlətinin acıyam,
Nə adının, şöhrətinin acıyam.
Nə malının, sərvətinin acıyam.
Beşcə qarış torpağında gözüm var.
 

MƏNİM NƏYİM ÇATIŞMAYIR…

 
Gözlərimdə qəm gördünmü
Baxışımda bir balaca
narazılıq,
Sən günahkar adam kimi,
Məndən sual eləyirsən
yazıq-yazıq…
Soruşursan
dönə-dönə…
Nə olubdur axı yenə,
Necə edim, necə dözüm
Axı necə mən işinə
qarışmayım?!
Özün söylə, barı özün,
Söylə nəyin çatışmayır?!
Bu dünyada hər şeyin var,
Dörd otaqlı bir evin var,
Süfrəndə də halal çörək,
Oğulların gözəl, göyçək,
Nə bir dərdin, nə bir sərin?
Kitabların, şerlərin,
nəğmələrin…
Ömrüm-günüm, səadətim
Ay ilk arzum, ilk niyyətim.
Onda eşit, onda dinlə;
Deyim nəyim
çatışmayır?!
Ha gəzirəm həsrət ilə,
Sənin ilə keçirdiyim,
İlk gəncliyim çatışmayır
Yadımdadır cavan vaxtım,
Yerə baxdım, göyə baxdım,
O dağlardan düzə endim,
O düzlərdən yola çıxdım.
O dağlarım, o düzlərim
çatışmayır.
O sehirli gecələrim,
Gündüzlərim çatışmayır…
Düşünürəm nə qazandım,
Nə itirdim bu yollarda,
Mən nə qoydum,
Nə götürdüm bu yollarda,
Düşünürəm, nəyim çoxdur,
nəyim azdır,
Bu döyüşlər
meydanında,
Mən baxtımı haçan yıxdım
Bəxtim məni haçan basdı?!
Bax, bu bölgüm,
Bu hesabım çatışmayır,
Bu sualım, bu cavabım
çatışmayır.
Həyat təkcə ev deyildir.
Həyat təkcə çörək deyil,
Həyat təkcə yemək deyil,
Həyat təkcə keyf deyildir.
Həyat təkcə oğul-uşaq
Olsa idi nə vardı ki:
Onda aləm başdan-başa,
Razılarla, xoşbəxtlərlə
dolardı ki?!
Söyləyimmi daha nəyim
çatışmayır?!
Süfrəmizdə duz-çörəyim
çatışsa da,
Bəzən olur ürəyimdə,
Söz çörəyim çatışmayır…
Bu dünyanın xeyri üçün
Başçılar hey baş sındırır,
Diplomatlar baş sındırır,
Sənətkarlar baş sındırır.
Adamların adamlara mehri
üçün
Başçılar hey baş sındırır,
Diplomatlar baş sındırır,
Sənətkarlar baş sındırır.
Neçə ölkə əsarətdə
Neçə ölkə xoşbəxt,
azad.
Münəccimlər göydə təzə ulduz gəzir.
Casuslarsa yerdə təzə fitnə-fəsad.
Bir vətənəm parçalanıb
İki yerə bölünmüşəm…
Bir torpağam ikiləşib
Çayım, gölüm, dağım, meşəm…
Bir sinədə birləşməyim
çatışmayır,
Bir ürəkdə yerləşməyim
çatışmayır…
Cənub havam çatışmayır,
Səttar babam çatışmayır…
Ora mənim kömək əlim
çatışmayır,
Təbriz boyda bir gözəlim
çatışmayır.
 

BULAQ SUYU, DAĞ HAVASI…

 
İki kəlmə adi, sadə,
Bulaq suyu, dağ havası.
Uzaq düşdük bu dünyada,
Bulaq suyu, dağ havası…
 
 
Uşaqlığım qaynar, odlu,
Şirəsini sizdən tutdu…
Siz piyada, mənsə atlı
Bulaq suyu, dağ havası.
 
 
Nəğməm sizdən havalandı,
Şerim sizdən cilalandı,
Qanım sizdən mayalandı,
Bulaq suyu, dağ havası.
 
 
Minib polad təkərlərə,
Çıxdıq uzaq səfərlərə.
Tökülmüşdük şəhərlərə,
Bulaq suyu, dağ havası.
 
 
Dayı getdi, əmi getdi,
Ömrümüzün çəmi getdi,
Ağzımızın təmi getdi.
Bulaq suyu, dağ havası.
 
 
Zirvələrin başı qarlı,
Meşələrin içi barlı.
Ay kökünə etibarlı
Bulaq suyu, dağ havası.
 
 
Yoxuş yoran çağım hanı,
Daşdan ağır yuxum hanı,
Həsrətimin qəhrəmanı,
Bulaq suyu, dağ havası.
 
 
Şəhər orda, oba burda,
Övlad orda, baba burda,
Ömür çapır iki yolda,
Bulaq suyu, dağ havası…
 
Upa kəndi

EL İÇİNDƏ UNUDULUR…

 
Bu dünyada hər dərd, kədər,
el içində
unudulur:
Ən dəhşətli faciələr
el içində
unudulur.
Nəyimiz var əks olunub
xalq qəlbinin
güzgüsündə,
Özümüz də hiss etmədən
güc alırıq
özgəsindən…
Hiss etmədən bir-birini
duya-duya
yaşayırıq.
Bir-birinin günahını
yuya-yuya
yaşayırıq…
Ən yanıqlı göz yaşları
el əliylə
qurudulur…
Ən dəhşətli faciələr
el içində
unudulur…
 
 
Yadımdadır uşaqlığım,
Yadındadır
körpəliyim…
Bir gün bizim üstümüzü
kabus ölüm
kölgələdi.
Atam getdi, atam öldü,
beli sındı
evimizin…
Cavan anam dərd əlindən
fəryad çəkdi
uzun-uzun…
Neçə dəfə qarğış etdi
o taleyə,
o allaha,
Huşu getdi, rəngi qaçdı…
Dedim ölər
anam daha…
Kənd töküldü evimizə
gözümüzdə
işıq yandı…
Dərya boyda nisgilimiz
gilə-gilə
parçalandı,
El qəlbinə axıb getdi
qətrə-qətrə,
qaşıq-qaşıq,
Mən anama durub baxdım
gördüm xeyli
yaxşılaşıb…
O zamandan bu kəlmələr
mənim üçün
şüar olub…
Ən dəhşətli faciələr
el içində
unudulur.
 
 
Keçən hərbi xatırlayın,
keçən hərbi
salın yada,
Nə dadmadıq bu dünyada,
nə görmədik
bu dünyada…
Biz itirdik milyonlarla
qızı, oğlu,
əri, mərdi…
İnsanlardı dözdü elə
dağ olsaydı
əriyərdi…
Kədər, hicran güllələri
sinəmizi
dəldi keçdi,
Yenə hərbin ağır yolu
el qəlbindən
gəldi keçdi.
Milyonlarla qurban verdik
fəqət yenə
xalq dayandı…
O bununçun keşik çəkdi,
bu onunçun
alovlandı…
Yadlar belə bir-birinə
ümid verdi,
istək verdi…
Oğlu ölmüş analar da
bir-birinə
ürək verdi…
Hamı dedi bir ağızdan
sözlərində
inam, qürur,
Ən dəhşətli faciələr
el içində
unudulur.
 
 
Nisgiliniz olan kimi
dayanmayın
çölə çıxın…
Adamlardır gəlib gedir
dəstə-dəstə
axın-axın:
Siz qoşulun insanlara,
siz qoşulun
axınlara,
Gücü çatmaz dərdin, qəmin
onda sizə,
yaxın gələ…
And içirəm gücü çatmaz,
and içirəm,
olun, əmin…
Çölə çıxdın, insan gördün
yox olacaq
dərdin, qəmin.
Bu müdrik bir həqiqətdir,
böyük, ölməz,
qədim, ulu…
Ən yanıqlı göz yaşları
el əliylə
qurudulur,
Ən dəhşətli faciələr
el içində
unudulur…
 

BİR ZAMANLAR

 
Bir zamanlar mən o qızı
sevərdim,
Gözlərinə sevgi gülü
səpərdim…
O mənimçün hər bir şeydən
əzizdi…
Köksümdəki bu ürəkdən
əzizdi.
O mənimçin işıq idi,
havaydı…
Hər ağrıma, məlhəm idi,
davaydı…
Vüsalını od qəlbimə
səpərdim,
Hicranından ulduz kimi
axardım…
Saçlarından həyat kimi
öpərdim,
Gözlərinə allah kimi
baxardım…
Sivri qaşlar ürəyimə
batardı,
Qara teli taleyimdə
bahardı…
Bir zamanlar mən o qızı
sevərdim,
Gözlərinə sevgi gülü
səpərdim.
O zamanın zərbəsindən
kənardı,
Təbəssümü yollarımda
fanardı…
Xəyalıma gəlməzdi ki,
bircə an,
O baxışlar soyuyacaq
bir zaman,
Aylar, illər səyirdəcək
atını,
O təbəssüm itirəcək
dadını,
Həyatımın, taleyimin
hakimi,
Qara tellər ağaracaq
qar kimi…
O gözlərə bir adilik
qonacaq,
O sözlərə bir adilik
qonacaq.
Fəsillərlə hey vuruşa-
vuruşa,
Sifətində yurd salacaq
qırışlar.
Kaş o zaman mən bunları
duyaydım,
Bu amansız yekunları
duyaydım…
Qoymayaydım zaman dura
qəsdinə,
Od tökəydim o illərin
üstünə,
Saçlarına düşən qarı
yığaydım,
Üzündəki qırışları
boğaydım,
Fəsillərin başı üstə
əsəydim,
Adiliyin nəfəsini kəsəydim,
– Dur – deyəydim zaman adlı
axına,
– Dur – toxunma yaratdığın
nağıla…
 

DEYİRSƏN Kİ

 
Deyirsən ki: – sevirəm,
Durmusan qarşımda sən.
Mən orta yaşındayam,
Sən cavan yaşındasan.
 
 
Sənə nə cavab verim,
Sənə nə durub deyim.
Sən səhər günəşisən,
Mən artıq qürubdayam.
 
 
Kövrəlib dayanmışıq.
Bir körpə uşaq kimi.
Sən açan çiçək kimi,
Mən solan yarpaq kimi.
 
 
Sənə nə cavab verim,
Elə bil ki, dardayam!
Sən gələn qatardasan,
Mən gedən qatardayam.
 
 
O sənin qismətindir,
Bu mənim qismətimdir.
Relslər görüşəcəkmi,
Bunu demək çətindir!
 
 
İki ayrı qatarda
Yol gedən adamlarıq,
Sanki pəncərələrdən,
Əl edən adamlarıq.
 
 
Sən qara telin ilə,
Mən zehli saçım ilə.
Mən qoca anam ilə,
Sən cavan bacın ilə.
 
 
Mən də bir divanəyəm.
Sən də bir divanəsən.
Mən üzü o yanayam.
Sən üzü bu yanasan.
 
 
Belə addımlayırıq
Təzadlı yollar ilə.
Mən solan payız ilə,
Sən açan bahar ilə!
 
 
Məhəbbət yaşa baxmır;
Müdriklər belə deyib.
Eh, bəlkə də belədir,
Bəlkə də belə deyil.
 

SƏNİ GÖRDÜM

 
Yel toxundu yarpaqlara,
Nəğmə qondu dodaqlara.
Durub baxdım uzaqlara
Səni gördüm, ay sevgilim.
 
 
Tamarzılar gülüşəndə,
Murazlılar görüşəndə.
Evimizə gün düşəndə
Səni gördüm, ay sevgilim.
 
 
Bir mehriban üz görəndə,
Bir cüt ala göz görəndə,
Qara xallı qız görəndə
Səni gördüm, ay sevgilim.
 
 
Bahar xalı toxuyanda,
Quşlar nəğmə oxuyanda,
İldırımlar şığıyanda,
Səni gördüm, ay sevgilim.
 
 
Ya özümdən küsəndə mən,
Ya fikirli gəzəndə mən.
Gözəllərin gözündə mən,
Səni gördüm, ay sevgilim.
 
 
Saz dinlədim, tara baxdım,
Gül iylədim qara baxdım.
Hara getdim, hara baxdım
Səni gördüm, ay sevgilim.
 

MƏNİM XATİRƏLƏR PEDMƏKTƏBİM VAR

 
Mənim xatirələr pedməktəbim var
Mümkündür orada hər nə istəsən,
Orda sevincim var, orda qəmim var
Orda dörd ilimin odu, istisi…
Orada olanda elə bilərəm,
Həftələr, fəsillər fırlanır geri.
Orda sağ görərəm, diri görərəm,
Özüm dəfn etdiyim müəllimləri.
Hələ o dünyadan dönməyib kimsə,
Mən bu fani fikri itirə billəm.
Bizim direktoru bircə nəfəsə,
Məzardan məktəbə gətirə billəm.
Özüm yaşadığım, yola saldığım,
Aylarım, illərim dönər geriyə…
Gözüm görə-görə həsrət qaldığım,
Zil qara tellərim dönər geriyə.
Girərəm sehirli qapılarından,
Gəzərəm sehirli otaqlarını…
Yığaram başıma əziz, mehriban,
Bizim qruppanın uşaqlarını.
Nur saçıb illərin toranlığına,
Burada sehirli işlər görərəm.
Hamını yetirrəm cavanlığına,
Hamını yenidən gəncləşdirərəm.
Təzədən baxaram əzizlərimə,
Qalxıb o illəri hey pillə-pillə.
Düşərəm xatirə dənizlərinə
Bataram, qalxaram çıxıb dirilləm.
Mənim xatirələr pedməktəbim var,
Mümkündür orada hər nə istəsən.
Orda sevincim var, orda qəmim var,
Orda ürəyimin odu, istisi.
Qapıçı xalanı görərəm orda,
Hey bala deyərdi… qarı bəxtikəm…
Oğlunu davadan qaytarmasam da,
Özünü dünyaya qaytara billəm.
On yeddi yaşında oğlan olaram,
Mənim xatirələr pedməktəbimdə.
Bir qara xallıya heyran olaram,
Mənim xatirələr pedməktəbimdə…
Hər parta dalında yada düşərəm,
Dolaşıb gəzdikcə o otaqları.
Təzədən alova, oda düşərəm,
Təzədən başlanar «məcnun» çağlarım.
Həsrət dumanında yollar azaram,
Duyub ilk eşqimi, ilk ilqarımı.
Elə bil təzədən durub yazaram,
Mən öz ilk məhəbbət məktublarımı.
Nə aya, nə ilə, nə ömrə sədd var,
Mənim xatirələr pedməktəbimdə…
Bir solmaz, saralmaz əbədiyyət var,
Mənim xatirələr pedməktəbimdə.
 

DƏYİŞƏR BİRBƏBİR AYLAR, FƏSİLLƏR

 
Dəyişər birbəbir aylar, fəsillər,
Yüz qış gəlib gedər yüz bahar üçün.
Gələr bu dünyaya təzə gözəllər.
Gələr təzə-təzə oğullar üçün.
 
 
Hər evdə bir odlu yaraşıq yanar,
Baxış toxunmamış, əl toxunmamış.
Qızıl ətri verən tellər daranar,
Nəfəs toxunmamış, yel toxunmamış.
 
 
Dolanar həyatı təzə gülüşlər,
Təzə həyəcanlar gəzər aləmi.
Ən təzə vüsallar, təzə görüşlər
Ən təzə hicranlar gəzər aləmi.
 
 
Nə qədər arzular itər dumanda.
Əsər sərt tufanlar, soyuq küləklər.
Yüzlərlə məhəbbət solan zamanda
Minlərlə məhəbbət açar, çiçəklər.
 
 
Ən təzə gümanlar aşıb-daşarlar,
Tökər təzə gözlər təzə yağışlar.
Bir gündə yüz kərə qarşılaşarlar,
Təzə baxışlarla təzə baxışlar.
 
 
Təzə yanaqların, təzə gözlərin
Söhbəti dillərdən dillərə düşər.
Təzə nakamların, talesizlərin
Təzə dastanları dillərə düşər.
 
 
Təzə ilk məktublar ünvan gəzərlər,
Təzə ilk həsrətlər düşər dalınca.
Gələr bu dünyaya təzə gözəllər,
Gələr qara gözlü övladlarımçın.
 
 
Təzə Leylilərin, Çüllettaların
Təzə Məcnunların dövrü başlayar.
Təzə məhəbbətlər doğulan kimi,
Təzə şairlərin şeri başlayar.
 

NƏ YAXIN QONŞU OLDUQ BU DÜNYADA

 
Nə yaxın qonşu olduq
bu dünyada,
Ayrı-ayrı doğulduq
bu dünyada,
Axır gəlib bir olduq
bu dünyada
Ey həyat, sən
Nə qəribəsən?
 
 
N ə q a r a t:
Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə.
 
 
Aylar keçir, illər keçir
axın olur,
Yadlar gəlir doğma olur,
yaxın olur.
Məhəbbətlə keçən ömür
nağıl olur
Ey həyat, sən
Nə qəribəsən?!
 
 
Bu ilqarı yaşatdıq
canımızda,
Gənclik eşqi qaynadı
qanımızda
Qohum oldu atamız,
anamız da,
Ey həyat, sən
Nə qəribəsən?!
 
 
Sən ay kimi baxdın mənə.
Sən gün kimi baxdın mənə
Gözlərinin qarasıyla
Güldü ömrün baxtı mənə.
 
 
Aylar keçir, illər keçir
axın olur,
Yadlar gəlir doğma olur,
yaxın olur
Məhəbbətlə keçən ömür
nağıl olur
Ey həyat, sən
Nə qəribəsən?!
 

ARZULAR QOVUŞANDA

 
Hər ürək bir ümidlə, bir inamla
yaşayır bu cahanda,
Hər nəğmə bir alovla, bir ilhamla
yaşayır bu cahanda,
Hər qışı bahar gözlər,
Hər zirvəni qar gözlər,
Dəniz daşar, dalğalar coşar,
gur sular
qovuşanda.
Duyğular üzə çıxar,
Çiçəklər dizə çıxar,
Tale gülər, baxışlar gülər,
arzular
qovuşanda.
 
 
N ə q a r a t:
Çapılar ən qəlbi dağlar,
Kəsilər ən böyük ahlar,
Bir sözlü, bir diləkli
insanlar
qovuşanda.
Hər ürək bir ümidlə, bir inamla
yaşayar bu cahanda.
Hər nəğmə bir alovla, bir ilhamla
yaşayar bu cahanda.
 
 
Ömr edər, min il bəşər
Qocalar da gəncləşər,
İtkin düşmüş, xəbəri gəlmiş,
oğullar qayıdanda.
Dünya silahsız olar,
Kədərsiz, ahsız olar,
İşıq dolu, məhəbbət dolu,
vicdanlar
qovuşanda.
 
 
N ə q a r a t:
Çapılar ən qəlbi dağlar,
Kəsilər ən böyük ahlar,
Bir sözlü, bir diləkli
insanlar
qovuşanda.
Hər ürək bir ümidlə, bir inamla
yaşayar bu cahanda.
Hər nəğmə bir alovla, bir ilhamla
yaşayar bu cahanda.
 

AYRILIQ OLMAYAYDI…

 
Yavaş-yavaş gecə keçər,
gecə keçər, yar,
Heç bilmirəm necə keçər
necə keçər, yar,
Durub səni düşündükcə
düşündükcə, yar
Qoşun çəkər xatirələr
xatirələr, yar,
Şirin günlər, şirin çağlar
Bir-bir gəlib düşər yada…
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyada!
 
 
Ay çəkilər yuxu kimi
yuxu kimi, yar,
Bir ovçunun oxu kimi
oxu kimi, yar,
Hamı deyər, hamı gülər
Mən gülmərəm çoxu kimi,
çoxu kimi, yar,
Şirin aylar, şirin çağlar
Bir-bir gəlib düşər yada
Ürək deyər ayrılığın
Üzü dönsün bu dünyada.
 
 
Çöldə tufan haray çəkər,
haray çəkər, yar,
Salar fəğan, haray çəkər,
haray çəkər, yar,
Yerdə durub mən susaram
Göydə bulud alay çəkər,
alay çəkər, yar,
Şirin günlər, şirin çağlar
Bir-bir gəlib düşər yada…
Ürək deyər ayrılığın
Üzü dönsün bu dünyada!
 

MƏNİM DUYĞULARIM

I
 
Xəyallar, duyğular, arzular,
Sizinlə yaşadım qış, bahar.
Ey mənim açılan güllərim,
Ey mənim mənalı günlərim!
Ömrümə siz dayaq oldunuz,
Evimdə çilçıraq oldunuz.
Ey mənim qanadlı illərim,
Arzulu, muradlı illərim!
 
 
N ə q a r a t:
Axtarmışam sizin üçün
könülləri, gözləri mən
Gilə-gilə, zərrə-zərrə
toplamışam sizləri mən.
Dəfinəm də, xəzinəm də,
Dövlətim də, varım da siz,
Duyğularım kövrək, əziz.
 
II
 
Düşəndə sizlərdən uzağa,
Bənzədim anasız uşağa.
Ey mənim sehirli çağlarım,
Nəğməli, şerli çağlarım!
Ömrümün ey gözəl günləri,
Ömrümün qızıl zər gülləri,
Bayatım, şikəstəm, nağılım,
Yığılın dövrəmə, yığılın!
 
 
N ə q a r a t:
Axtarmışam sizin üçün
könülləri, gözləri mən,
Gilə-gilə, zərrə-zərrə
toplamışam sizləri mən.
Dəfinəm də, xəzinəm də
dövlətim də, varım da siz,
Duyğularım kövrək, əziz.
 

QOCALIR ANAM

 
Arzular, duyğular aşıb-daşırlar,
Arzular boy atıb, ucalır hər gün.
Hər gün övladları cavanlaşırlar,
Mənim qoca anam qocalır
hər gün.
Qocalır hər gün, qocalır
hər gün
mənim anam.
 
 
N ə q a r a t:
Gözüm görə-görə qocalır anam,
Görən niyə belə qocalır anam.
Niyə belə, niyə belə, niyə belə,
niyə belə
Qocalır anam, qocalır anam,
mənim anam.
Ötür bu minvalla, payız, qış, bahar
Evlərdən toy səsi ucalır hər gün,
Gülür, çiçəklənir cavan analar,
Mənim qoca anam qocalır hər gün
Qocalır hər gün, qocalır
hər gün
mənim anam.
 
 
N ə q a r a t:
Gözüm görə-görə qocalır anam,
Görən niyə belə qocalır anam.
Niyə belə, niyə belə, niyə belə
niyə belə
Qocalır anam, qocalır anam.
mənim anam!
 

GÜNƏŞLİ ÖMRÜM…

 
Bir tufansan, ey ömrüm
Çağlar küləklərin sənin.
Çaxar şimşəklərin sənin.
Coşar diləklərin sənin.
Bir ümmansan, ey ömrüm,
Dönməz dəyanətin sənin.
Sönməz şeriyyətin sənin,
Susmaz məhəbbətin sənin.
Qoy həyat yolu
Yağış olsun
Külək olsun.
Təki qəlbdə
Amal olsun,
Məslək olsun.
Bu arzular dünyasında
yaşar insan,
Bu amallar eşqilə
coşar insan,
hər an.
Bir günəşsən, ey ömrüm,
Qızıl şəfəqlərin sənin!
Əngin üfüqlərin sənin!
Bir atəşsən, ey ömrüm,
Yanmaq bir adətin sənin,
Sönməz şeriyyətin sənin
Qoy həyat yolu
Yağış olsun,
boran olsun.
Təki qəlbdə
Arzu olsun,
inam olsun.
Bu arzular dünyasında
yaşar insan.
Bu arzular eşqi ilə coşar
insan
o hər an.
Sevgi əzəl,
tale şirin,
ömür gözəl!
 

MƏRD OL

I
 
Ömür birdir, ər kimi
Onu vur başa, dostum.
Dönməz ol həmişə, hər zaman
Əsl kişilər kimi,
Vüqarla yaşa, dostum.
Dönməz ol həmişə, hər zaman.
 
 
N ə q a r a t:
Həyat əzəldən bəri
Onu duyan kəslərin.
Bu dünya igidlərin,
Bu dünya dönməzlərin…
Həyat əzəldən bəri
Vüsal gözləyənlərin,
Bu dünya sevənlərin,
Onu istəyənlərin…
Günəş ilə qoşa dur,
Oxu nəğməni, dostum,
Əməllərin yaşadar
Ucaldar səni, dostum.
 
II
 
Fəsillər ötüşəndə
Qoy gələcək nəsillər
Daima, həmişə, hər zaman
Səndən söhbət düşəndə
Mərd yaşadı desinlər
Daima, həmişə, hər zaman.
 
 
N ə q a r a t:
Həyat əzəldən bəri
Onu duyan kəslərin,
Bu dünya igidlərin,
Bu dünya dönməzlərin…
Həyat əzəldən bəri
Vüsal gözləyənlərin,
Bu dünya sevənlərin,
Onu istəyənlərin…
Günəş ilə qoşa dur,
Oxu nəğməni, dostum.
Əməllərin yaşadar,
Ucaldar səni, dostum.
 

ƏLVİDA

 
Eşqinlə çağlayan illərə,
Saçına düzdüyüm güllərə.
Bu gündən, əzizim, dünyada
Əlvida deyirəm, əlvida.
 
 
N ə q a r a t:
Bir zaman çarpan ürəkdin,
Bir zaman çaxan şimşəkdin.
Bir zaman həyata gərəkdin.
 
 
Bir nurlu günəşdin, sönmüsən,
Əlçatmaz xəyala dönmüsən.
Günahkar gəzməyək dünyada!
Əlvida, əzizim, əlvida.
 

DÜNYADA SƏADƏT AXTARIR İNSAN…

 
Belədir bu həyat,
Belədir bu cahan.
Səadət axtarır
Dünyada hər insan.
 
 
N ə q a r a t:
Hər ömrün, hər taleyin
Öz rəngi, öz çaları.
Günəşə addımlayır
Gələcəyin yolları.
 
 
Hər xilqət əbədi
Yaşamaq istəyir.
Sevinci daima
Qəm-qüssə gözləyir.
 
 
N ə q a r a t:
Hər ömrün, hər taleyin
Öz rəngi, öz çaları.
Günəşə addımlayır
Gələcəyin yolları.
 

TALEYİM MƏNİM

 
İl ötdü, ay keçdi
Qəlbimi açmadım
heç kimə
heç kimə mən yar.
Yan bir şimşək kimi
Ömrümdən keçginən,
keçginən,
keçginən sən yar.
 
 
N ə q a r a t:
Fəsillər adlandı,
Könüllər odlandı,
Sevənlər şadlandı,
Bəs mən neynim, neynim gəl.
Taleyim gəl sən
Məni qurtar
Bu hicran əlindən.
 
 
Dağlara qar düşər
Hələ mən yanaram,
yanaram,
yanaram, mən yar.
Yadıma yar düşər
Həsrətdən donaram,
donaram,
donaram mən yar.
 

SEVGİ QANADLARINDA

 
Bir gün qanad versən mənə,
Hey uçaram mən, hey uçaram,
mən hey.
Görüşə gəl desən mənə,
Hey qaçaram mən, hey qaçaram,
mən hey,
hey qaçaram mən.
 
 
N ə q a r a t:
Ülvi bəşərsən,
Xatirələrsən,
Min bir gecəni
Səhər edərsən:
Görüşlərinlə,
Gülüşlərinlə,
Sən baxsan soyuq baxışla,
Aləmə yağar yağışlar.
Sən baxsan zərif baxışla,
Dünyanı bəzər naxışlar.
 
 
Bu yollarda qocal desən,
Qocalaram mən, qocalaram mən, hey.
Aya, günə, ucal desən,
Ucalaram mən, ucalaram mən hey
ucalaram mən.
 
 
N ə q a r a t:
Ülvi bəşərsən,
Xatirələrsən,
Min bir gecəni
Səhər edərsən:
Görüşlərinlə,
Gülüşlərinlə
Sən baxsan soyuq baxışla,
Aləmə yağar yağışlar.
Sən baxsan zərif baxışla,
Dünyanı bəzər naxışlar.
 

GÜLƏSİ

 
Hələ çoxu tanımayır
bu uşağı.
Xırda-xırda gözləri var
sanki üzüm
giləsidir.
O neyləsin hələ yaşı
azdır axı,
Tanış olun! Bu qızın adı
Güləsidir…
Burayacan Səbiş idi
nəvələrin
say-hesabda
onuncusu,
sonuncusu…
Şirinlikdə birincisi,
Səbiş idi nənəsinin
əvvəl sözü,
axır sözü,
Səbiş idi bal şəkəri
balaların,
Səbiş idi söz-söhbəti
xalaların,
Səbiş idi can-ciyəri
babasının,
Səbiş idi təzətəri
babasının,
İndi isə nəvələrin
ən təzəsi,
ən nübarı,
ən qönçəsi –
Güləsidir!
Nəvələrin say-hesabda sonuncusu,
Şirinlikdə birincisi –
Güləsidir…
Burayacan körpələrin
ən əlası
Səbiş idi,
İndi isə ən əlası –
Güləsidir.
Burayacan anasının
gül balası –
Səbiş idi,
İndi isə anasının
gül balası –
Güləsidir!
Burayacan ancaq Səbiş
dəbdə idi,
Əmilərin, dayıların,
bibilərin
arasında.
Çoxu onu ayırmazdı
hətta doğma
balasından,
Ad gününə
dəstə-dəstə
axardılar.
Saçlarına qızıl güllər
taxardılar,
Sözlərini şəkər kimi
yeyərdilər,
Bir ah çəksə min kərə
can deyərdilər,
Qadasını alardılar,
Ona dəftər, ona qələm
alardılar.
Dayıların, bibilərin
xalaların,
İndi isə ən sevdiyi
bir körpə var –
Güləsidir!
Mən nə deyim Güləsidən sizə
daha,
Ən balaca nəvələri əzizləmək
Babaların, nənələrin
peşəsidir.
Evlərində təzə körpə
göz açdımı
bu dünyaya,
Güləsi də Səbiş kimi
onda dəbdən
düşəsidir.
 

LALƏ

 
Bu da bizim Lalədir
Yeddinci nəvə Lalə
Çox mehriban baladır,
Amma nədənsə hələ,
Nənəsinin yanında,
Babasının yanında,
Bibilərin yanında,
Xalaların yanında
Bir az üzdə deyildir
Eh neyləsin, Məsi tək,
Səbiş tək, Güləsi tək,
Axı üzlü deyildir.
Haydan-küydən uzaqdır,
Təvazökar uşaqdır.
Qurban getməz heç zaman
Babasını görəndə,
Nənəsini görəndə,
Dil-dil ötməz heç zaman,
Bibisini görəndə,
Xalasını görəndə,
Ürəyində istəyər
Qardaşları həmişə,
Bacıları həmişə,
Ürəyində can deyər,
Uşaqlara həmişə,
Qocalara həmişə.
Nəfəsi gül qoxuyur
Adı da ki Lalədir,
Birincidə oxuyur
Qiymətləri əladır.
Onun şirin dilidir,
Aldığı o əlalar.
Yaman xoşuma gəlir
Lalə kimi balalar.
 

FƏRHAD

 
Ay mərhəba, mərhəba,
Mat qalmışam Fərhada.
Bapbalaca uşaqdır,
Amma yaman qoçaqdır,
Əlifbanı oxuyar,
Əzbərləyər o gündə…
Hər gün qalxar yuxudan,
Xasay dərsə gedəndə,
Xəzər dərsə gedəndə,
Fərhad dərsə gedəndə…
Gözətçidir, ya nədir,
Tez onları saxlayar,
Anasıyla birbəbir
Sumkaları yoxlayar.
Mürəkkəb, dəftər, pozan,
Cəld baxar yerindəmi?!
Gündəliklər, qələmlər
Kitablar yerindəmi?!
Yaddan çıxan şeyləri
Tez tapıb gətirər o.
Qardaşları bu sayaq
Məktəbə ötürər o.
Ay mərhəba, mərhəba,
Mat qalmışam Fərhada…
Başı çıxmaz saatdan
Amma bilər nə zaman,
Qardaşları gələcək,
Qaqaşları gələcək?!
Qaçıb durar o yanda,
Düz qapının dalında.
Zəng səsi gələn kimi
Çıxar qabaqlarına.
Alıb sumkalarını
Qoyar otaqlarına.
Gizlicə neçə kərə
Baxar gündəliklərə.
Axşam da bircə-bircə
Atasına çatdırar.
Kimin neçə «beş»i var,
Kimin neçə «dörd»ü var.
Fikir alar uşağı,
«İki» adı çəkəndə.
Quruyar dil-dodağı
«İki» adı çəkəndə.
Ay mərhəba, mərhəba,
Mat qalmışam Fərhada
Onu oyat yuxudan
Sənə desin birbəbir,
Kimin sabahkı dərsi
Hansı səhifədədir.
Fərhad gendən tanıyar,
Xətlərini onların.
Fərhad əzbərdən bilər
Cədvəlini onların.
O hər şeyi, hər şeyi,
Deyər yerli-yerində.
Bilər qardaşlarının
Neçə əlaçı vardı
Hətta siniflərində.
Dəqiq deyər vaxtını,
Böyük, balaca zəngin,
Doğma qaqaşlarıyla
Doğma qardaşlarıyla
Oxuyar o da sanki…
Ay mərhəba, mərhəba,
Mat qalmışam Fərhada,
Bapbalaca uşaqdır,
Amma yaman qoçaqdır,
Amma yaman qoçaqdır.
 

MƏNİM NƏSLİM

 
Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım.
Ən adicə bir insandı atam mənim,
Zər-xaralı yataqlarda yatammadım.
Məst olmadım incə, zərif qucaqlarda,
Boy atmadım meydan-meydan otaqlarda,
Mən doğuldum payız yerə qəm yazanda,
Bu dünyanın ən balaca komasında,
Heç yer üzü gözləmirdi bəlkə məni,
Mən doğuldum… Bürüdülər kürkə məni,
Yatırtdılar bir küncündə komamızın.
Qoca nənəm lay-lay dedi uzun-uzun.
Min bir cürə naz-nemətdən uzaq oldum,
Nə də hazır səadətə qonaq oldum,
Boz inəkdən süd sağaraq hər gün səhər,
Qaynatmayıb buğlu-buğlu içirtdilər.
Gözüm dağa-daşa baxdı, heyran oldu,
Yazda-yayda mənim qəhvəm ayran oldu.
Qışda şaxta kəsdi məni nizə kimi,
Payız gəldi, palçıq gördüm dizə kimi.
Bir gün dərdlər komamıza güc elədi,
Bir gün atam bu dünyadan köç elədi,
Atam getdi, məni qoydu mənim üçün,
Var-dövləti elə buydu mənim üçün…
Atam itdi arzuların dumanında,
Mən tək qaldım sərt taleyin amanında.
Tale bir yol insaf nədir bilmədi heç,
Bir çöpü də asanlıqla vermədi heç.
Məni yüz yol döyəclədi, şillələdi.
Neçə-neçə xoş arzumu şil elədi.
Nəyim varsa, zaman-zaman tək qazandım,
Məhəbbətdən qaşığacan tək qazandım.
Qazanmadım səadəti xoş ilə mən,
Yox, qazandım dırnaq ilə, diş ilə mən.
Bu ömürçün, bu həyatçın necə varam,
Bax, o çətin günlərimə minnətdaram.
Mən arxalı, mən nəsilli doğulmadım,
Ancaq heç vaxt çəkinmədim, sıxılmadım.
Anam bir az bundan ötdü dərd elədi,
Çox vaxt bizi pis adamlar pərt elədi,
Məni bu cür doğulmağım sərt elədi,
Məni bu cür doğulmağım mərd elədi.
Qəlbi təmiz saxladı bu,
Məni yerlə, məni göylə bağladı bu.
Söyləyimmi, qohumlarım nəçi idi,
Xarrat idi, çoban idi, suçu idi.
Minnətdaram öz nəslimə buna görə,
Axdı mənim taleyimə gilə-gilə.
Həmin sadə adamların cəh-cəhləri,
Taleləri, ömürləri, ləhcələri.
Mən özümə, bax, onları nəsil seçdim,
Sərt taleli insanları nəsil seçdim,
Bu həyatı duyanları nəsil seçdim,
Daş üstə daş qoyanları nəsil seçdim.
Bu gün elə düz işimdə, ya səhvimdə,
Mən onların, onlar mənim tərəfimdə…
Nə vaxt ömür yollarında karıxıram,
Dolaşıram, çəkinirəm, darıxıram,
Nə zaman ki, ömür coşur, dalğa olur,
Mənə elə sərt taleyim arxa olur…
Kim deyir ki, xoşbəxt olmaq asan işdir?
Yox, zor işdir, çətin işdir, yaman işdir!
Hələ çoxdur bu yolların əziyyəti,
Kim deyir ki, bu həyatla döyüşmürəm?
Diş-dırnaqla qazandığım səadəti,
Min-min hazır səadətə dəyişmərəm.
 

SİZ QALSANIZ, BƏSİMDİR…

 
Misralarım, sözlərim,
ən mehriban kəslərim…
Doğma torpağım qədər
doğmam, müqəddəslərim…
Sizdən özgə mənimçin
hər nə var əfsanədir…
Dövlət, var əfsanədir,
Şöhrət, şan əfsanədir,
Sizdən ayrı mənimçin
bu cahan əfsanədir.
Mənim adım, familim
hər vaxt üstünüzdədir.
Bütün gücüm, qüdrətim
zəifiliyim sizdədir…
Heç zaman uçulmayan
qalamsınız siz mənim…
Atamsınız siz mənim,
balamsınız siz mənim…
Sizə yaxınlaşanda
görürəm ki, güclüyəm.
Sizdən uzaqlaşanda
görürəm ki, heç nəyəm…
Sizə yaxınlaşanda
görürəm qüvvətliyəm,
müqəddəsəm, uluyam.
Sizdən uzaqlaşanda
görürəm ki, çox adi
fikirlərin quluyam.
Mən olmasam, nə eybi,
siz varsınız, bəsimdir,
Məndən xatirə kimi
qalarsınız, bəsimdir.
Ölüm belə bacarmaz
hətta sizi öldürə!
Yoxdur elə bir qüvvə
şeiri, sözü öldürə!
Sizə yaxınlaşanda
görmüşəm ölüyə də,
diriyə də gərəyəm.
Sizdən uzaqlaşanda
görmüşəm fikircə də,
boyca da bir çərəyəm.
Gərəksizəm, zəifəm,
kədərliyəm, məğmunam,
Çox adi bir atayam,
çox adi bir “məmuram”.
Siz qüvvətli olsanız,
mən əlçatmaz olaram…
Topdağıtmaz olaram,
gülləbatmaz olaram.
Mən olmasam, nə eybi,
siz yaşayın, sağ olun.
Sizə yalan danışsam,
lap üzümə ağ olun!
Yaxşılığım sizdədir,
yamanlığım sizdədir,
Doğma xalqa, torpağa
heyranlığım sizdədir…
Damarıma, canıma,
qanıma hopmusunuz.
Mən sizdən güc almışam,
siz məndən qopmusunuz…
İlhamımla qurduğum
evimsiniz siz mənim!
Şəklimsiniz siz mənim,
eynimsiniz siz mənim!
 

MƏNİM MUĞAMATIM

 
Mənim muğamatım dilləndi yenə,
Xəyalım illəri ötdü bir anda.
Elə bil dünyanı verirlər mənə
Sən hər dil açanda, hər danışanda!..
 
 
Hər incə zəngulən, hər incə xalın,
Qoca əsrlərin səsi deyilmi?!
Danış, çox dərindir, ağlın, kamalın,
Danış, dünya görmüş qocalar kimi!
 
 
Dinsin simli kaman, dinsin simli tar,
Səndən neçə-neçə igid danışsın.
Sənin dünya qədər hekayətin var,
Səndən Zülfü desin, Seyyid danışsın!
 
 
Segahı, Zabulu kim unudar, kim,
Kim deyir qüssəsən, kim deyir qəmsən?
Sən mənim öz böyük döyüş əsgərim,
Sən mənim ən böyük mübarizəmsən!
 
 
Dağları örtəndə hələ çən, duman,
Sən yanan qəlblərin teli olmusan.
Yadlar Nizamini susduran zaman,
Sən onun danışan dili olmusan!
 
 
Bir kimsə bilməyir hələ yaşını,
Eşqin əsrləri qucaqlamışdır.
Sənin tellərinə qoyub başını
Füzuli vətənçin çox ağlamışdır.
 
 
Səndə igidlərim çox silah çəkib,
Sən söhbət açanda gecə ağlayıb.
Atamı görmüşəm necə ah çəkib,
Anamı görmüşəm necə ağlayıb!
 
 
Səndə çox arzular gül açmadımı?
Sənsən görüş çağı, ayrılıq dəmi.
Səndə uşaq kimi dil açmadımı
Əziz Üzeyirin sevinci, qəmi?!
 
 
Gah məni almısan isti qoynuna
Qardaş ellərini dolandırmısan.
Məcnunun qolunu salıb boynuna
Ərəb çöllərini dolandırmısan!
 
 
Dəvə karvanları… zınqırov səsi…
Susuz səhraları çox keçmişəm mən.
Alışıb yananda yerin nəfəsi
Sənin nəfəsindən su içmişəm mən!
 
 
Dağların bulağı, düzlərin çayı,
Qövsi-qüzehlərin rəngi səndədir.
Nəbinin, Həcərin hayı, harayı,
İgid Koroğlunun cəngi səndədir!
 
 
Mənim muğamatım, dilləndin yenə,
Xəyalım illəri ötdü bir anda.
Elə bil dünyanı verirlər mənə
Sən hər dil açanda, hər danışanda!
 

NƏ QƏDƏR Kİ, SAĞAM

 
Nə qədər ki, ömr edirəm,
Nə qədər ki, hələ sağam,
Nə qədər ki, yaşayıram bu cahanda,
Fərq olmamış, olmayacaq heç bir zaman
İşlərimlə sözlərimin arasında,
Həyatımla şeirimin arasında,
Ürəyimlə gözlərimin arasında…
Daim mənim düzlük oldu əhdim, andım,
Mən həmişə vicdanıma arxalandım.
Vətən kimi, ana kimi,
Dost dediyim bir adama
Mən dost dedim sona kimi.
Dostu gündə paltar kimi dəyişmədim…
Ad-san üçün heç bir zaman
vuruşmadım, döyüşmədim…
Qışqırmadım, bağırmadım,
Addımbaşı çağırmadım: mən də varam.
Fikirləşdim: haysız-küysüz
yaşayıram…
Fikirləşdim: zaman özü
Yaxşını da, yamanı da
Bircə-bircə qeydə alır…
Xeyirxahlıq oldu ancaq idealım,
Adamlara yaxşılığı
Paylamadım minnət kimi…
Ya borc kimi, rüşvət kimi…
Özüm mənən zənginləşdim
əl tutanda bir adama,
Zənginləşdim zaman-zaman…
Ələ imkan keçən kimi
Gəmirmədim hər nə gördüm
siçan kimi.
Nə verdilər dəvə kimi kövşəmədim…
Yox, mən belə yaşamadım…
Dəbdə olan çox şey gördüm,
Dəbdə olan geyim gördüm,
maşın gördüm, dərman gördüm,
mebel gördüm, dümbəy gördüm…
Dəbdə olan dayı gördüm,
arvad gördüm, roman gördüm.
Dəbdə olan çox şeylərə qulaq asdım,
Dəbdə olan geyimlərə fikir verdim.
Dəbdə olan söhbətlərə,
deyimlərə fikir verdim.
Dəbdə olan müğənnilər
Yanıb, sönüb, yox oldular,
Təzələri doğuldular.
Şənliklərə gedən kimi
“Tərəkəmə”, “Xançobanı”,
“Sarı gəlin” çalın dedim,
İstəyirəm bizim qədim mahnılara
dalım dedim…
Füzulidən, Nəsimidən deyin mənə,
Öz əslimdən, öz nəslimdən deyin mənə,
Tərif gördüm
neçə-neçə mərtəbəli,
Tərifləri saman kimi
yelə verdim birdəfəlik.
Fikirləşdim: tərif ömrü
kəpənəyin ömrü qədər…
Səhər gələr, axşam gedər…
Azərbaycan!
Poeziya! Balalarım!
Onlar oldu allahlarım!
Mən onların eşqi ilə sevib ötdüm,
Bu üç sözü başım üstdən asıb qoydum!
Dediyimi onlar üçün deyib ötdüm,
Yazdığımı onlar üçün yazıb qoydum!
Çalışmadım şeirlərim
Küylü olsun, haylı olsun!
Qoymadım ki, bircə sözüm
Bu torpaqdan ayrı olsun!
Çalışdım ki, hər sözümün
Yeri olsun, yurdu olsun!
Çalışdım ki, hər sözümün
Canı olsun, odu olsun!
Nəğmə ötdüm adi, sadə,
Uzaq-uzaq dünyalarda
Şeir-sənət aramadım,
Mən bu işə yaramadım.
Nə qədər ki, ömr edirəm,
Nə qədər ki, hələ sağam,
Nə qədər ki, yaşayıram bu cahanda,
Fərq olmamış,
olmayacaq heç bir zaman
İşlərimlə sözlərimin arasında,
Ürəyimlə gözlərimin arasında,
Dünənimlə səhərimin arasında.
 

ŞAİRİ ÖLDÜRDÜLƏR

 
Şair kimdir, nədir axı?
Öz elinin ən ağıllı ağsaqqalı,
Ən sadəlövh bir uşağı.
Şairləri öldürməyə
nə var, axı?!
Ümidini, inamını al əlindən,
Dəryasını, ümmanını al əlindən,
Vətənində
azad-azad oxumağı
al əlindən,
ölər şair.
Böyüdüyü düzü, dağı
al əlindən
ölər şair.
Tapdadımı yad ayaqlar yollarını,
İtirəcək aylarını, illərini.
Təyyarəylə,
gəmi ilə, maşınlamı
Sərvətləri
yad ellərə daşındımı,
Dağlarında
yad kölgələr göründümü,
Eli, xalqı parça-parça bölündümü,
Polad sədlər
qoyuldumu cəh-cəhinə,
Yad ləhcələr
qarışdımı ləhcəsinə,
Qara əllər
onu xalqdan ayırdımı,
Ana dili
məhəlli dil sayıldımı,
Donar şair,
yanar şair,
ölər şair,
Pələng kimi nərildəyər,
Quzu kimi mələr şair.
Şair kimdir, nədir axı?
Öz xalqının
güllə tutmaz şah zirvəsi,
Topdağıtmaz uca dağı,
Çox çətindir
Məhv eləmək şairləri,
Mümkün deyil, asıb kəsmək,
Güllələmək şairləri.
O, xalqının
daim görən gözləridir,
O, xalqının rəhbəridir,
əsgəridir.
O, xalqının daim ayıq vicdanıdır,
El ürəyi ən sonuncu ünvanıdır.
Mümkün deyil,
məhv eləmək şairləri,
Mümkün deyil, asıb kəsmək,
Güllələmək şairləri.
Parça-parça ətini kəs, diriləcək,
Gözünü oy, başını əz, diriləcək,
Nişan alıb odla onu, diriləcək,
Öldür min bir adla onu, diriləcək,
Diri-diri soy şairi, diriləcək.
Top ağzına qoy şairi,
diriləcək,
Yandır gündə,
öldür gündə, diriləcək.
O, xalqının ürəyində diriləcək,
Həqiqətə, əfsanəyə bürünəcək,
Doğma ana ləhcəsində görünəcək.
Əsrlərlə kəs səsini, diriləcək,
Azad görsə ölkəsini, diriləcək,
O, xalqının yaddaşında diriləcək,
Yüz yaşında, min yaşında diriləcək.
Mümkün deyil,
Məhv eləmək şairləri,
Mümkün deyil, asıb kəsmək,
güllələmək şairləri.
Pablo belə şair idi,
Pablo belə ölməz idi.
Silah ilə
Nerudaya qəsd eləmək əbəs idi,
Bilirdilər
o bunların fövqündədir,
Ən yırtıcı silahların fövqündədir,
Əsarətin, zülmün, şərin fövqündədir,
Ən müasir ölümlərin fövqündədir,
Bilirdilər Pablo çoxdan
Gülləbatmaz bir xilqətdir,
Bilirdilər
Onu bircə məhv eləyən silah varsa,
xəyanətdir,
Bunun üçün fitnə ilə,
hiylə ilə öldürdülər,
Neçə günə, neçə aya,
neçə ilə öldürdülər.
Asta-asta öldürdülər,
Usta-usta öldürdülər,
Qara-qara polkovniklər irişdilər,
Bir şairin vətənini dəyişdilər,
Bir millətin taleyini
dəyişdilər,
Nerudanın güllərini
yad burunlar iylədilər,
Limanında yad gəmilər əylədilər,
Saçlarına yad küləklər toxundular,
Çöllərində yad mahnılar oxundular.
Ən birinci
Nerudanın vətənini öldürdülər,
Meşəsini, çəmənini öldürdülər,
Günəşini, dumanını öldürdülər,
Sonra onu öldürdülər.
Damla-damla, gilə-gilə öldürdülər,
Əsla gözə görünməyən
tüfəng ilə öldürdülər,
güllə ilə öldürdülər,
Min mənəvi xəncər ilə,
şillə ilə öldürdülər.
Min mənəvi zəhərlərlə öldürdülər,
Nerudanı vətənində
Yad əllərlə öldürdülər.
 

BİR ANA QUCAĞINDA BİR KÖRPƏ APARIRDI

(lövhə)
 
Küçələrdən keçənlər durub
boylanırdılar,
Cavan qızlar, gəlinlər gizlicə yanırdılar.
Göz qoyurdu qarılar köks ötürüb dərindən,
Seyr edirdi uşaqlar, seyr edirdi gəlinlər.
Bütün şəhər elə bil bu lövhəyə dalırdı,
Bir ana qucağında bir körpə aparırdı.
 
 
Ona ad gəzirdilər, beşik axtarırdılar,
Başına dönürdülər, qadasın alırdılar.
Nənəsi yorğanını bərk-bərk
qucaqlamışdı,
Xalası bələyinə göy muncuq bağlamışdı,
Əmisi əsgər kimi yeriyirdi dalınca,
Osa sakit, astaca baş qoymuşdu balınca…
Xırda, qara gözləri açılır, qapanırdı,
Bir ana qucağında bir körpə aparırdı…
Büsbütün arzuları
uşaq təzələmişdi,
Uşaq nə eləmişdi,
tamam düz eləmişdi,
Nə qədər istək, murad gətirmişdi özüylə,
Baba kimi fəxri ad gətirmişdi özüylə,
Nənə kimi fəxri ad gətirmişdi özüylə.
Ata istəyi üçün, ana harayı üçün,
Qaynar, gur, təlatümlü ailə çayı üçün
Bir dayaq aparırdı, bir körpü aparırdı.
Bir ana qucağında bir körpə aparırdı…
Dünya bir nəğmə idi,
dünya bir yuxu idi,
Elə bil yer üzündə
bir tifil də yox idi.
Muzeylərə dönmüşdü sanki yetimxanalar,
Dəyişmişdi elə bil nankor ata-analar,
Elə bil hər tərəfdən süd qoxusu gəlirdi,
Analar şərəfinə alqışlar yüksəlirdi,
Bütün dillər elə bil xoş bir layla
çalırdı,
Bir ana qucağında bir körpə aparırdı…
 
 
İşıqlanmışdı sanki zülmət-zülmət
ölkələr,
Nur içində üzürdü uzaq, yaxın qitələr,
Hər an artan ordular azalmışdı elə bil,
seyrəlmişdi elə bil,
Bütün hərbi bazalar yumşalmışdı elə bil,
kövrəlmişdi elə bil,
Elə bil ki, ölənlər, itənlər tapılırdı,
Bir ana qucağında bir körpə aparırdı.
 
 
Demə balaca idi, demə ki, kiçik idi,
O mənim yurdum üçün lap əsil kişi idi,
Böyük bir nəsil idi o mənim xalqım üçün,
O bir bərəkət idi süfrəmdə, ocağımda,
Mənə elə gəlirdi o ana qucağında
Bir ordu aparırdı, bir ölkə aparırdı,
Bir ana qucağında bir körpə aparırdı.
 

YOLDAŞ ÖLÜM!

 
Yoldaş ölüm!
Hamı bilir, sən çox evlər uçurmusan,
Milyonları bu dünyadan
vaxtlı-vaxtsız köçürmüsən.
Qəhrəmanlar aparmısan,
bu aləmdə yoxdur tayı,
Yer altında olanların
yer üstündə yoxdur sayı.
Sinələrdə çalın-çarpaz dağlar qoyub,
Anaları, bacıları ağlar qoyub
Sən dahilər susdurmusan –
millətlərin iftixarı.
Susdurmusan varlıları, kasıbları…
Qoymayırsan göz açmağa adamı sən,
Uşaq idim,
bir gün aldın əllərimdən atamı sən.
Söylə, azmı fitnələri
dəf etdilər əlin ilə?
Mənim qaynar Müşfiqimi
məhv etdilər əlin ilə.
Sən gəlirsən gündüz olur, gecə olur,
Bəşər cansız vücudunun
qarşısında cücə olur…
Sən Əzrayıl nəfəslisən,
Sən cəhənnəm qoxulusan.
Sən tüfəngdən, sən bombadan,
Sən atomdan qorxulusan!
Aparsan da bu dünyadan bizi bir-bir,
Nə gizlədim, bəzən səndən xoşum gəlir.
Nə zaman ki,
bir alçaqdan,
bir xəbisdən,
gərəksizdən,
diləksizdən,
ürəksizdən
bac alırsan,
Bax, o zaman gözlərimdə ucalırsan.
Vicdanını var-dövlətə satanları,
Vəzifədən milyon əllə tutanları
Nə zaman ki, stolundan qoparırsan,
Vəzifəsiz, şan-şöhrətsiz
bir aləmə aparırsan,–
Həyatını çatdırırsan başa, ölüm,
Bax, mən onda söyləyirəm:
Yaşa, ölüm!
Qabağında qaya nədir,
polad nədir,
dəmir nədir,
dövlət nədir,
ordu nədir,
əmr nədir?
Əlindədir
topdağıtmaz sarayların açarları,
Sən məhv etdin,
Çingizləri, Batıları, Qacarları.
Adolf Hitler! –
O alçağın üzərinə atılanda,
Sinəsində quzğun kimi oturanda,
Görünsəydin gözə əgər,
yüyürərdim qabağına,
Yıxılardım ayağına…
Bu aləmə carsan, ölüm!
Hamı üçün varsan, ölüm!
Nə zaman ki, hiss elədin
insanlara gərəksizəm,
İlhamsızam, duyğusuzam, ürəksizəm,
Bu həyatdan tap, al məni!
Min yol xahiş eləyirəm, apar məni!
 

DAHA DƏHŞƏT

 
Yurddaşlarım öz yurdunda əsir, yesir,
Anaların, bacıların ahı dəhşət…
Bu torpağı yada vermək dəhşətdisə,
Bu dəhşətlə razılaşmaq daha dəhşət…
 
 
Şuşasızlıq ağrısına hamı dözür,
İtirilmiş mahalların sayı – dəhşət…
Minlər ilə şəhid görmək dəhşətdisə,
Şəhidliyə vərdiş etmək daha dəhşət…
 
 
Ölənlərə ağlamayır daha kimsə,
Allah, saymır çoxu qonşu vayın – dəhşət…
Çöl düşmənim qorxuncdusa, dəhşətdisə,
İç düşmənim daha qorxunc, daha dəhşət…
 
 
Nə ki, Laçın, Ağdamda da yadlar gəzir,
Kəlbəcər də oldu düşmən payı – dəhşət…
Cəbrayılı satmaq əsil dəhşətdisə,
Xocalının soyqırımı daha dəhşət…
 
 
Geri torpaq almayacaq heç kim bizə,
Biz də olduq Fələstinin tayı – dəhşət…
Özümüzə güvənməmək dəhşətdisə,
Özgələrə arxalanmaq daha dəhşət…
 
 
Ona, buna dil tökürük durub bəzən,
Dünya bizi zəif, gücsüz sayır – dəhşət…
Vəhşi olmaq, cəllad olmaq dəhşətdisə,
Naçar olmaq, miskin olmaq daha dəhşət.
 
 
Yastıq verin, yorğan çəkin üstümüzə,
Yuxudayıq ilin on bir ayı dəhşət.
Qəflətlərdə olmağımız dəhşətdisə,
Durmağımız daha müşkül, daha dəhşət…
 
 
Azərbaycan yarı yadda, yarı bizdə,
Eşidən yox bu harayı, hayı – dəhşət…
Bu günümüz ağıdırsa, dəhşətdisə,
Sabahımız kaş olmaya daha dəhşət…
 

ÖZÜNÜ QORU, XALQIM…

 
Müqəddəs, ulu xalqım,
Gözümün nuru, xalqım…
Ən dəhşətli zamandır,
Özünü qoru xalqım…
Bir tora ilişmisən,
Caynaqları dərində…
Bir oyuna düşmüsən,
Oyuncaqlar əlində…
Üzərində əsirlər,
Qara yellər görürəm.
Sənə quyu qazırlar,
Mənfur əllər görürəm…
Təklənmisən yenə də,
Yenilməz, ulu xalqım…
Oğul sözüm sənədir,
Özünü qoru, xalqım…
Kimin bəd əməli var,
Tarix özü söyləsin.
Burda iblis əli var,
Burda şeytan hiyləsi…
Əzir torpaqlarını,
Yenə dəmir çəkmələr.
Müstəmləkə qanunu,
Böl, parçala, hökm elə.
Bölürlər bilə-bilə,
Dağ çəkirlər sinənə…
Beləcə, bölə-bölə,
İstəyirlər bu yurdu,
Yer üzündən silələr…
Yalvarıram, amandır,
Allah sözü dilimdə,
Sən belə dar məqamda,
İçəridən bölünmə,
İçəridən talanma…
Bizim, sizin elliyə,
Əqrəbaya yerliyə,
Amandır parçalanma…
Ayırmayaq bu xalqı,
Doğma, ögey kəslərə…
Ən betəri odur ki,
Xalq özünə qəsd edə…
Özünün əli ilə,
Öz-özünü öldürə…
Yetər, bizim bu yurdu,
Obalara böldülər,
Mahallara böldülər,
Ostanlara böldülər,
Küçələrə böldülər,
Dalanlara böldülər…
Bu düşmənə köməkdir,
Bu düşmənə mükafat…
Bizə birlik gərəkdir,
Ay el, oba, camaat…
Qüdrətimsən, gücümsən,
Çağlayırsan qanımda…
Amma sayca kiçiksən,
Böyüklərin yanında…
İllərlə səni, xalqım,
Söküb talan ediblər,
Balaca səsin qalxıb,
Gülləbaran ediblər…
Min cür fəndlər gəziblər,
Yüz cür qanun yazıblar…
O sahildə asıblar,
Bu sahildə kəsiblər,
Amma ki, iradəni,
Sındıra bilməyiblər.
Heç ölümlə də səni,
Öldürə bilməyiblər…
Yenə göylər dumandır,
Qəhrəman, ulu xalqım…
Ən dəhşətli zamandır,
Özünü qoru xalqım…
 

VƏZİFƏ BU XALQA QƏNİM KƏSİLİB…

 
Bu millət vəzifə dəlisi imiş,
Şan-şöhrət “ölüsü”, “rütbə” düşkünü.
Vəzifə çoxunun mərəzi imiş,
Həmi “qara” günü, həmi “xoş” günü…
 
 
Çoxunun “ilk eşqi”, “ilk məhəbbəti”,
“İlk əhdi”, “ilqarı” imişsən, demə.
Həmi “səadəti”, həmi “möhnəti”,
Həyat idealı imişsən, demə.
 
 
Müdir stolundan tutur ölüncə,
Ayrı şey gözündə puçmuş, yalanmış.
Nə vətən, nə torpaq bu millət öncə,
Vəzifə uğrunda həlak olarmış…
 
 
Hamı uşaqlıqdan keçir bu dərsi,
Tək ona bağlayır arzularını.
Sən ona rütbə ver, o sənə versin,
Hətta qeyrətini, namus, arını…
 
 
Nə vicdan, nə məslək, nə zəka, əməl
Tək ona qul olur, rəğbət bəsləyir.
Sən ona rütbə ver, satsın əlbəəl,
Bütün uluları, müqəddəsləri…
 
 
Hamı candan keçir vəzifə tutsun,
Rütbə stolları yamaq-yamaqdır…
O kütlə gözündə Allahdan üstün,
İnamdan qabaqdır, dindən qabaqdır…
 
 
Cavan da, qoca da sevir tacı-taxt,
Gəda da istəyir şah ola hətta…
Dava da qurtarar, qurtarmaz heç vaxt,
Vəzifə davası bu məmləkətdə…
 
 
Dostunu vəzifə başında tanı,
O açır hamının əsil üzünü…
Bu yolda çox qırıb insan-insanı,
Qanlar axıdılır, başlar kəsilir…
 
 
Hamının qarnının ağrısı birdir,
Vəzifə bu xalqa qənim kəsilib…
Onunçün yerinə yetirə bilmir,
Bu millət millətlik vəzifəsini…
 

KAŞ MİLLƏTDƏ RUH YAŞASIN…

 
Millət əzər, əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın…
 
 
Zaman-zaman, nəsil-nəsil,
Babəklərin gəlir səsi.
Nəsimilər tükənməsin,
Kaş millətdə ruh yaşasın…
 
 
Sabirlərə xəbər olsun,
Qız-gəlinlər Həcər olsun.
Kişilərdə təpər olsun,
Kaş millətdə ruh yaşasın…
 
 
Qeyrət ruhun gücündədir,
Qüdrət ruhun gücündədir.
Millət ruhun gücündədir,
Kaş millətdə ruh yaşasın…
 
 
Düşməni qul etmək olar,
Min əsr yol getmək olar.
Dünyanı titrətmək olar,
Kaş millətdə ruh yaşasın…
 

ATAMDIR ƏQİDƏM – ATAMIN OĞLUYAM…

 
Heç zaman ağlıma gəlməzdi, heç zaman,
Əqidə dəyişmək bu qədər asanmış…
Bir anda özünü danırmış insan,
Özünün əliylə özünü asarmış…
 
 
Çökərmiş üstünə fəlakət buludu,
Enərmiş zirvədən dərəyə, təpəyə,
Vücudu qalarmış, qup-quru vücudu,
O da ki, dəyməzmiş bir qara qəpiyə…
 
 
Yalanmış bu qədər vuruşmaq, döyüşmək,
Bu qədər and-aman eyləmək yalanmış…
Nə qədər asanmış əqidə dəyişmək,
Lap corab dəyişmək qədər asanmış…
Varmıdır de, bundan dəhşətli cinayət,
Ən qatı qatildir, əqidə qatili…
Əxlaqa xəyanət, inama xəyanət,
Ən böyük satqınlıq, ən böyük cahillik…
 
 
Nədir ki, bu xalqın görəsən günahı,
Ki, içi bu qədər manqurtla dolubdur,
Bu necə dövrdür, özün de, ilahi,
Ki, əqidəsizlik əqidə olubdur…
 
 
Milləti üzübdür çəkişmək, didişmək,
Bu da qanımızda lap köhnə azarmış…
Nə qədər asanmış əqidə dəyişmək,
Bir qurtum su içmək qədər asanmış…
 
 
Hirsimdən sıxıram dişimi dişimə,
Axı, hey yazıblar dünyayi-qədimdən,
Amalı yolunda can verib kişilər,
Amalı yolunda ölümə gediblər…
 
 
Əqidə idarə eyləyir cahanı…
O nəhəng ağaclar soy-kökü dəyişməz…
Babalar deyiblər: həqiqi insanın,
Dünyası dəyişər, məsləki dəyişməz…
 
 
Nə qədər çox imiş kölgədə yatanlar,
Əyilməz vicdanlar nə qədər az imiş…
Nə qədər çox imiş məsləksiz nadanlar,
Məsləki olanlar nə qədər az imiş…
 
 
Əqidə doğrusa, zaval yox, doğruya,
Mayası poladdır, o sınar, əyilməz…
Atamdır əqidəm – atamın oğluyam,
Dəyişməz əqidəm, heç zaman dəyişməz…
 

CABİR, BU DA AZDI SƏNƏ…

 
Niyə doğdu səni anan
Cabir, bu da azdı sənə…
Nə zövq aldın bu dünyadan?
Cabir, bu da azdı sənə…
 
 
Yaşamısan göz açandan,
Hər cürə bəd, pis içində,
Qovrulursan öz içində,
Cabir, bu da azdı sənə…
 
 
Ərzə qədəm qoyan yerdə,
Bataydı gündağın şərdə.
Hər şey gördün bu əsrdə
Cabir, bu da azdı sənə…
 
 
Nə biclik, nə yalan bildin,
Nə pislik, nə haram bildin.
Sən hamını adam bildin,
Cabir, bu da azdı sənə…
 
 
Çox güvəncin sovğa çıxdı,
Cavanlığın dağa çıxdı.
Qara saçın ağa çıxdı,
Cabir, bu da azdı sənə…
 
 
Yaxşı oldun yamana da,
Qane oldun yavana da.
Qaç bu zalım zamanadan,
Cabir, bu da azdı sənə…
 
 
Ömrün oldu ələk, vələk,
Yollarına yağdı çiçək.
Qamətini əyir fələk,
Cabir, bu da azdı sənə…
 
 
Hamı sındı sən sınmadın,
Durdun, dözdün, sarsılmadın.
Heç nə sənə dərs olmadı,
Cabir, bu da azdı sənə…
 
 
Əzablarla yüklənmisən,
Sarı simdə köklənmisən.
Yurdun kimi təklənmisən,
Cabir, bu da azdı sənə…
Şair, bu da azdı sənə…
 

BİR ANAM, BİR DƏ NƏVƏM TƏBRİZƏ…

 
 Qopur ürəyimdən sonuncu nida,
 Sonuncu hıçqırıq, sonuncu nəfəs…
 Əlvida, yalançı dünya, əlvida,
 Ta sənlə bir yerdə qalmağa dəyməz…
 
 
 Daha qurtuluram əlindən sənin,
 Düşürəm xatirə kitablarına…
 Əlvida deyirəm, dünya, mən sənin,
 Bütün dərdlərinə, əzablarına…
 
 
 Kaş ki, daş olaydım xilqət olunca,
 Dünyanın əşrəfi insan yalandır…
 Budur, əzrayıl da əli qılınclı,
 Başımın üstünü kəsdi, dayandı…
 
 
 Əlvida, əlvida yalançı dünya,
 Çökür gözlərimə zülmət, qaranlıq…
 Əlvida, əlvida yalançı dünya,
 Həqiqi dünyama yetirəm artıq…
 
 
 Nə vaxt ki, həyata zühur eylədim,
 Anamın bətnindən qoynuna düşdüm…
 Nəhəng bir zindana girdim elə bil,
 Sehrə, tilsimə, oyuna düşdüm…
 
 
 Mən səndə nə gördüm, saysız dərd, kədər…
 Mən səndə nə gördüm, ölüm, qan-qada,
 Mən səndə nə gördüm, diri ölülər,
 Əlvida, oyuncaq dünya, əlvida…
 
 
 Səndən nə əxz etdim, təkcə məhəbbət,
 Onunla çox ağır illər yaşadım…
 Hər şeyə əlvida desəm də fəqət,
 Mən vida demirəm sənə, ey qadın…
 
 
 Bir də üç oğluma köküm, məhvərim,
 Əlvida demərəm, deyə bilmərəm.
 Qoyun boylarına baxım son kərə,
 Onları görməsəm, ölə bilmərəm…
 
 
 Əlvida, ikili xalqım, millətim,
 Əlvida, ikili vətən, əlvida.
 Səni bircə gün də bütöv görmədim,
 Nigaran gedirəm səndən, əlvida…
 
 
 Hanı, o əvvəlki torpağım, hanı,
 Düşdük ləyaqətdən, düşdük şərəfdən…
 Yenə də bölürük Azərbaycanı,
 Düşmən bir tərəfdən, biz bir tərəfdən…
 Bir təbiətdən gedirik razı,
 Bir də ki, günahsız heyvanlarından…
 İstərəm son kərə bağrıma basım,
 Bütün yaxşı, yaman insanlarını…
 
 
 Bir də ki, ölmədim Təbrizi gördüm,
 Gördüm o taydakı qardaşlarımı…
 Ulu Şəhriyar tək əzizi gördüm,
 Tökdüm məzarına göz yaşlarımı…
 
 
 Bax bu möhnət üçün sağ ol, a dünya,
 Səndən ricam budur, diləyim budur…
 Xalqım birləşməsə dağıl, a dünya,
 Səndən ən sonuncu istəyim budur…
 
 
 Bircə nəvə gördüm, Təbrizdir adı,
 Bərk-bərk tapşırıram sənə mən onu…
 Nə ölüm, nə itim heç nə dünyada,
 Heç nə silə bilməz könlümdən onu…
 
 
 Əlvida, yer, səma, əziz dost, həmdəm,
 Əlvida hər şeyə, bir də hər kəsə…
 Ölsəm də əlvida deyə bilmərəm,
 Bir anam, bir də ki, nəvəm Təbrizə…
 

ADIM GƏLDİ BU DÜNYAYA

 
Yığırdım ömür köçümü,
Adım gəldi bu dünyaya.
Eynən elə özüm kimi,
Adam gəldi bu dünyaya.
 
 
Dua etdim körpə balam,
İsmim olsun sənə halal,
Özüm diri ola-ola
Müdam gəldi bu dünyaya…
 
 
Ta əzrayıl sən şarlatan,
Qapımızdan itil, usan,
Soyum, köküm, əmim, babam,
Atam gəldi bu dünyaya.
 
 
Əcələ qışqırdım: bil ha,
Gücün çatmaz mənə daha,
Korsan, bax, nə ər, əjdaha,
Titan gəldi bu dünyaya…
 
 
Bu gəlişdə məna dərin,
Əbədiyyət oldu yerim,
Kəfənini ölümlərin,
Yırtan gəldi bu dünyaya…
 
 
Təzə Cabir, eşit məni,
Adaşına ver əlini,
Köhnə Cabirin yerini,
Tutan gəldi bu dünyaya…
 

ŞEİR ƏKDİM BU QALANIN İÇİNDƏ

 
Bu həyata göz açalı əzildim,
Ağır-ağır qayğıların
içində…
Öz nəğməmin havasına kəsildim
Quzğunların, qarğaların
içində…
Mənliyimi uca tutdum, saxladım,
Sürü-sürü mal-qaranın
içində…
Ucuz şöhrət arxasınca qaçmadım,
Dəllalların, darğaların
içində…
Qara sezdim hətta ağa baxanda,
Ağ da gördüm qaraların içində…
Hayla-küylə istəmədim xalqımı,
Qeyrət gəzmə qalmaqalın
içində…
Gedişini, gəlişini dünyanın
Ölçdüm, biçdim, xırdaladım
içimdə…
Böyüklərdə bir böyüklük görmədim,
Böyük tapdım xırdaların
içində…
Talan oldu yurdum, yuvam, torpağım,
Talan oldum bu talanın
içində…
Yaralandı, paralandı millətim,
Hey qovruldum bu yaranın
içində…
Həqiqəti, ədaləti boğdular,
Min əyrinin, min yalanın
içində…
Bir eybsiz, təmiz xilqət tapmadım,
Nə gedənin, nə qalanın
içində…
Sehr dolu bir qalaya sığındım,
Şeir əkdim bu qalanın
içində…
 

NEÇƏ TƏZƏ ŞAİR GƏLƏR BU DÜNYAYA…

 
Sal qayayam, yoğrulmuşam qüdrət ilə,
Heç bir rüzgar bu səfimi yara bilməz.
Lap əzrayıl canımı da ala bilər,
Amma məndən qələmimi ala bilməz.
 
 
Söz rişəmin soyu, kökü dərindədir,
Həm ləşkəri, həm kişvəri yerindədir.
Qüvvəm, gücüm ilhamımın əlindədir,
Kimsə məni söz taxtımdan sala bilməz.
 
 
Aşıq üçün təbib başqa, dərman başqa,
Qanun başqa, qayda başqa, fərman başqa.
Bir şeirdən, bir də nazlı yardan başqa,
Heç Allah da dərdlərimə çarə bilməz.
 
 
Bir gün ölüm didər məni, dələr məni,
Son məqamım, son saatım gələr mənim.
Gözlərimə qara zülmət dolar mənim,
Sözlərimə qara zülmət dola bilməz.
 
 
Təzə kəslər düşər eşqə, təmənnaya,
Təzə sözlər köhnələri salar saya.
Neçə təzə şair gələr bu dünyaya,
Amma biri Cabir Novruz ola bilməz.
 

YALTAQDAN ŞAİR OLMAZ

 
Yaltaqdan “şair” olar,
şairdən yaltaq olmaz,
Şairin qürurunu
heç nəylə almaq olmaz…
Oyuncaqdır əllərdə
yenə bəzi yazarlar,
Əsil şair heç zaman
əldə oyuncaq olmaz…
Məddahlardır yenə də
əl-ayağa dolaşan.
Onları nə ki, yazar
heç insan saymaq olmaz…
Kişilikdir şairin
ömrü, yolu, amalı,
Qorxaqların sözünə,
şeirinə uymaq olmaz…
Ürəyi sapdan incə,
iradəsi poladdan.
Şair tək müdrik insan,
şair tək uşaq olmaz…
Bütün şahlar, xaqanlar
baş əyiblər şairə.
Şair əyildi, ondan
xalqına dayaq olmaz…
Şahsız da keçinərik,
bəysiz də dolanarıq,
Füzulisiz, Sabirsiz
fəqət yaşamaq olmaz.
Şairi yalnız millət
mühakimə eləyər,
Ayrı yerdə
məhkəməsi baxılmaz…
 

AZƏRBAYCANI SEVİN, SEVİN AZƏRBAYCANI…

 
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var…
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar…
Yaraları göynəyir, yaraları sızlayır,
Bu millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı…
Adını uca tutun hər arzudan, diləkdən,
Doymayın, usanmayın ona ana deməkdən…
 
 
O bizim hamımızın həyəcanı, harayı,
Bir də axı kim yanar ona bizdən savayı?..
O bizim ruhumuzda, o bizim qanımızda,
Yalnız biz keçməliyik uğrunda canımızdan.
Can istəsə can verin, sevin Azərbaycanı,
Qan istəsə qan verin, sevin Azərbaycanı…
 
 
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Kürül-kürül odlanan evim Azərbaycanı…
Dünyada vallah, belə talesiz millət olmaz,
Nə qədər saxlayarlar girov Azərbaycanı?..
Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!
 
 
Ona övlad payını bizlər verə bilmədik,
Heç iki obasını birləşdirə bilmədik.
Astara qovuşmadı doğma Astarasına,
Cülfalıların bir məlhəm tapmadıq yarasına,
Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı…
Biz bacara bilmədik, ey gələcək nəsillər,
Ey gələcək nəsillər, barı təzə əsrdə,
Bir-birinə calayın, qatın, Azərbaycanı,
Köküm, soyum, soyadım, adım Azərbaycanı…
Haçandır öz-özündən aralı bir ölkədir,
Şəhidli bir ölkədir, yaralı bir ölkədir…
 
 
Az imiş, o təzədən bölünür, parçalanır,
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
Neçə yerə ayrılar, ya İlahi, bir bədən?
Xırda bir məkan qalıb o boyda bir ölkədən…
Tamam bitər, tükənər belə getsə amandır,
Axı o bir zamanlar nəhəng Azərbaycandı;
Zaman-zaman talayıb, biçib Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı.
 
 
Ay bizdən ola-ola bizə yağı olanlar,
Vətənə sevgidə də az marağı olanlar;
Xalqına xidmətdə də tamah gəzən dənilər;
Özümüzdən olanlar, özümüzə qənimlər;
Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
Vətən bağışlar sizi, vətən eşqinə gəlin,
O, sizə çörək verib, nəzir-niyaz eyləyib,
Yalnız onun sevgisi sizi xilas eyləyər.
Sevməyirsizsə barı boğazına çökməyin.
Bu ulu məhəbbətə çağırıram hər kəsi,
Divin canı şüşədə, onun bizdədir canı…
Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
Amma təkrar deyirəm; sevin Azərbaycanı,
sevin Azərbaycanı…
 

BİR YAŞIN

 
 Mənim Rəsul nəvəm təzə soy, köküm,
 Təzədən doğulan böyük qardaşım…
 Sənin ad günündür, əzizim, bu gün,
 Ərzin milyon yaşı, sənin bir yaşın…
 Hələ ağlın kəsmir, hələ uşaqsan,
 Hələ çox şeylərdən xəbərin yoxdur.
 Sonralar həyatı anlayacaqsan,
 Ki, onun səfadan cəfası çoxdur…
 Ki, onun sevincdən kədəri boldur,
 Yamanı saysızdır, yaxşısı tək-tük…
 Sökür bu dünyanı bir ovuc quldur,
 Çapır bu dünyanı bir ovuc dönük…
 Hələ bir istəyin dəyməyib daşa,
 Hələ bir alçaqla üzləşməmisən…
 Hələ bir ümidin çıxmayıb boşa,
 Bir haqla, nahaqla üzləşməmisən…
 Hələ arzuları çəpərsiz, balam,
 Tamam dərdsiz balam, kədərsiz balam…
 Dünyada heç xoşbəxt varmı, de səndən,
 Ata, ana kimi bir dayağın var…
 Bircə acıyanda, bircə suzanda,
 Yuxun dağılanda ağlamağın var…
 Aləmdir üzünün, gözünün sehri,
 Hələ beşiyini dünya sayırsan
 Bacından, babandan, nənəndən qeyri,
 Hələ bir kimsəni tanımayırsan…
 Yaxşı ki, yaxşı ki, ay sənə qurban,
 Hələ adamları tanımayırsan…
 Hələ ürəyinə dəyən olmayıb,
 Hələ ki, işlərin gedir yağ kimi,
 Sənə bir acı söz deyən olmayıb,
 Təmizdir ürəyin ağ varaq kimi…
 Gəlsin ziyarətə ulular gəlsin,
 Lap göydən müqəddəs mələklər ensin…
 Bu murdar dünyanın, məkrli ərzin,
 Hələ ki, ən təmiz varlığı sənsən…
 Yolunda bir fitnə, fəsad, qurğu yox,
 Canında bir gilə ürkü, qorxu yox…
 Hələ nə yaşın var, hələ uşaqsan,
 Bunları sən sonra anlayacaqsan,
 Dünən məmləkətdə qopdu zəlzələ,
 Bakı az qaldı ki, uçula, oğlum…
 Millət az qaldı ki, qırıla, ölə,
 Sən əsla almadın vecinə, oğlum…
 Başlandı qaçhaqaç, haray, köçhaköç,
 Böyüklər, kiçiklər düşdü nə günə,
 Sənin bircə tükün tərpənmədi heç,
 Baban qibtə etdi kişiliyinə…
 Siz mənə göstərin elə ər insan,
 Bu oğul nəvəmlə dayana bahəm…
 Bütün qorxaqlara meydan oxuyan,
 Bir yaşlı mərd balam, qəhrəman balam…
 Allahım qorusun nəzərdən, səni,
 Sənə tuş gəlməsin bir nacins, xəbis…
 Qüdrətim çatsaydı bəşərdən səni,
 Ayırıb saxlardım belə tər-təmiz…
 Qoymazdım hər düşük, nanəcib, quldur,
 Bu bakirəliyə toxuna, Rəsul…
 İnsanlar anadan təmiz doğulur,
 Həyatdı korlayan çoxunu, Rəsul…
 Tikərdim poladdan bir qala sənə,
 Uzaqda tikərdim insan gözündən…
 Özüm öz əlimlə ay bala, səni,
 Gündə keçirərdim qıl körpüsündən…
 Sənə bir şeytanı qoymazdım yaxın,
 Sənə bir iblisi qoymazdım yaxın,
 Bütün yamanlara əsil göz dağı,
 Bütün xəbislərə əsil göz dağı,
 Bütün təmizlərə nümunə kimi…
 Saflara, düzlərə nümunə kimi…
 

MƏNİ TAPARSINIZ ŞEİRLƏRİMDƏ…

 
Ruhum, təbiətim şeirlərimdə,
Əsil-nəcabətim şeirlərimdə.
Bütün soyum, köküm, qohum, əqrəbam.
Mənim Oğuz babam, Novruzbəy babam.
Mirzəbəy atamın itmiş məzarı.
Möhbanu nənəmin ağlı, kamalı,
Anamın üzünə düşən qırışlar,
Bacımın qəbrinə yağan yağışlar,
Həyatdan çox nakam gedən yoldaşım,
Üç oğlum, üç arxam, üç məsləkdaşım,
Körpə nəvələrim şeirlərimdə,
Ömrüm səpələnib şeirlərimdə.
Qəlbimin aynası – bütün sözlərim,
 Bütün yaxşılarım, bütün hislərim.
 Daddığım acılar, ağrı-əzablar,
 Həyata verdiyim sual-cavablar,
 Fərəhli günlərim, ağır günlərim,
 Ömrümə, bəxtimə yağı günlərim.
 İlk məhəbbətimin qönçə çağları,
 Bütün ölülərim, bütün sağlarım,
 Hamısı yaşayır şeirlərimdə,
 Həyatım başlayıb şeirlərimdən.
 Şair ədalarım, şair xislətim,
 Beş litr qanımın hər bir qətrəsi.
 Dizimin taqəti, qolumun gücü,
 Bütün vücudumun zahiri, içi.
Fövtə götürməyən xasiyyətlərim,
Bütün təmaslarım, ünsiyyətlərim.
Sözlə qazandığım dövlətim, varım,
Qeyrətim, vicdanım, namusum, arım.
Şeirlə tikdiyim şah saraylarım,
Allahdan, bəndədən olan paylarım.
Mənim doğma əziz şeirlərimdə,
Ləkə görməzsiniz şeirlərimdə…
Para-para olmuş ana torpağım,
Neçə yol dəyişən himnim, bayrağım.
Neçə yol dəyişən əlifbalarım,
Əlifba dəyişən manqurt şahlarım.
Bu tayın nə qədər vətən xaini,
O tayın milyonla miskin sakini.
Bütün olacaqlar, bütün olanlar,
Azərbaycanıma olan talanlar.
Nə qədər fitnəkar, qurğu, fənd oyun,
Əldən-ələ keçən Təbrizim, Xoyum,
Tutqun Savalanım, Səhəndim mənim.
Mənim bəndə düşən Dərbəndim mənim.
Yenilməz Şuşamın açıq hərracı
Füzuli, Cəbrayıl, Kəlbəcər, Laçın.
Neçə igid babam, ölməz sələfim,
Şəhid qəbirləri anım, şərəfim.
Vətən, torpaq satan neçə şarlatan,
İlan-çayanla qol-boyun yatan,
Bir milyondan artıq yurdsuz qaçqınım,
Ev, ocaq dəlisi, torpaq Məcnunu,
Hamısı boylanır şeirlərimdən,
Haylarım, haraylarım şeirlərimdə.
Məni kim tanıyar, məndən savayı?!
Bircə öləcəyim gündən savayı.
Qalan hər hikmətim şeirlərimdə,
Avtoportretim şeirlərimdə.
Əbədi yaşaram mən bu cahanda.
Xeyir taparsınız şeirlərimdən
Bir vaxt bu dünyada mən olmayanda,
Məni taparsınız şeirlərimdə.
 

DÜZ YAŞADIN, CABİR NOVRUZ

 
Düz yaşadın Cabir Novruz,
bu da düzlüyün axırı,
Düz yaşamaq yaşamağın
ən çətini, ən ağırı…
Düz yaşadın Cabir Novruz,
elə düzdə qaldın tək,
Düzlərin “qazancı” budur
düz, bu düzlüyə neyləmək…
Düz yaşadın Cabir Novruz,
bu qədər əyri içində,
Şeirin qeyrət südü əmdi
daim düzlüyün gücündən…
Süfrəndə nə olmasa da,
halal duz-çörəyin oldu…
Bir halal ilhamın oldu,
bir təmiz ürəyin oldu,
Bununçün də sən hamıdan
məğrur oldun, zəngin oldun,
Başının üstündə daim
ədalət çələngi durdu.
Paklıq, müqəddəslik oldu
sənin yol yoldaşın daim,
Düz yaşadın Cabir Novruz,
həyatda günahın,
Budur şərəfli təqsirin,
budur yeganə günahın,
Təki belə günah ola
hər bir insanın günahı…
Düz yaşadın Cabir Novruz,
məhrumiyyətlərə dözdün,
Övladlarının yanında
bir az başaşağı gəzdin…
Onlardan, düzlükdən qeyri,
əyri sərvət qoyammadın,
Düz yaşadın Cabir Novruz,
xalq uca tutur bu adı.
Düz yaşadı nakam Müşfiq,
gördüz nə oldu axırı.
Düzlük soydu Nəsimini,
düzlük çərlətdi Sabiri…
Düz yaşadın Cabir Novruz,
bu da düzlüyün axırı,
Düz yaşamaq don-kixotluq,
peyğəmbərlik, ilahilik…
 

İNSANI TANIMAQ OLMUR

 
Fələyi tanımaq olur,
İnsanı tanımaq olmur.
Hər şeyi tanımaq olur,
İnsanı tanımaq olmur…
Ha axtar, dolan aləmi,
Bərabəri, tayı yoxdur.
Sərsəm yoxdur onun kimi,
Onun kimi dahi yoxdur…
Şeytanı tanımaq olur,
İnsanı tanımaq olmur,
İlanı tanımaq olur,
İnsanı tanımaq olmur…
O cür qəlblərə aşiyan,
Gözəllik, yaraşıq yoxdur.
O boyda zülmət daşıyan,
O boyda gur işıq yoxdur…
İlanın bir şakəri var,
Quyruğun basdın çalacaq.
İnsanın çox şakəri var,
Azını bilirik ancaq…
Elə ustalıqla çalır,
Əvvəl ağrı, acı olmur…
Adam elə günə qalır,
Sonradan əlacı qalmır…
Gah şəkər olur dilində,
Gah zəhər olur dilində…
Bilmirsən nə var içində,
Bilmirsən nə var çölündə,
Saysız yaranıb canlılar,
İnsandan qəlizi yoxdur,
Baxırsan ki, sifəti var,
Sifətindən üzü yoxdur.
Xilqət görməyir beləsin,
İnsanı tanımaq olmur.
Göydə gözə görünməzi,
Allahı tanımaq olur.
İnsanı tanımaq olmur…
Sən can qoyursan yolunda,
O sənə yamanlıq edir…
Gah gəda olur, gah sultan,
Gah da fironluq edir…
Zaman-zaman dost dediyin,
Tonlarla çörək yediyin,
Elə dəyişir ki, birdən,
Ayağın üzülür yerdən…
Dönür düşmənə, yağıya,
Qazır sənin ayağını…
Görürsən yadla əlbirdir,
Ha tanı, tanımaq olmur…
İnsan müəmmadır, sirrdir,
İnsanı tanımaq olmur,
Ən uzaq dünya insandır,
Ümman da insandan dayaz…
Ən dərin dərə insandır,
O dərinə girmək olmaz…
Yazmağa əlim gəlməyir,
Deməyə dilim gəlməyir,
Nə gizlədək olur bəzən,
Səni dünyaya gətirən,
Əkən, böyüdən, yetirən,
Atanı tanımaq olmur,
Ananı tanımaq olmur…
İnsan sirrdir, müəmmadır,
İnsanı tanımaq olmur…
Xisləti çürük olanı,
Saflığa öyrətmək çətin…
Kəşf etdik uzaq fəzanı,
İnsanı kəşf etmək çətin…
Ayın əllərini sıxdıq,
Marsa, Veneraya çıxdıq
Bir adi insanın fəqət,
Qəlbinə çıxmaq müsibət…
Göz dikdim göylərə sarı,
Ap aydın asiman gördüm.
Səf bağlamış durnaları,
Vətənə qayıdan gördüm…
Cəh-cəh vurdular necə,
Doğma “ana”, “vətən” deyib…
İnsan yurdun satır, sərçə
Bir tikanə “vətən” deyir…
Quşların dilini qandım,
İnsanı tanımaq olmur…
Dərk etdim ulu Quranı,
İnsanı tanımaq olmur…
Bağlı qapıları açdım,
Qədim kitabları açdım,
Çox-çox kəlamı oxudum,
Qorqud babamı oxudum…
Ha getdim, yüyürdüm, uçdum,
Özümdən qaça bilmədim.
Dünyanın sirlərini açdım,
İnsanı aça bilmədim…
İnsan bir sirli dünyadır,
Ha tanı tanımaq olmur…
Başdan-başa müəmmadır,
İnsanı tanımaq olmur…
İnsanı tanımaq olmur…
 

KÜTLƏYƏ DÖNMƏ, MİLLƏTİM

 
Kütlənin adı kütlədi,
Kütlə xar edir milləti;
Kütlə qanmayır dost nədir,
Kütlə qanmayır yad nədir;
Kütlə çoxdankı kütlədir,
Kütləyə dönmə, millətim.
Çıxdı alimi söz deyə,
Çıxdı şairi söz deyə,
Kütlə şairi pislədi,
Kütlə onları fitlədi.
İmadəddini qətl edib,
Hadi ölümünə cəhd edib,
Böyük Sabiri rədd edib,
Kütlə çoxdankı kütlədi.
Kütləyə dönmə, millətim.
Nə beyni, nə ürəyi var,
Elə ləbbey deməyi var;
Bağırır niyə bilməyir,
Fikrini deyə bilməyir…
Yalnız kor hisslərin qulu,
Məqsədi, yolu qorxulu
Boş yerə yorur özünü,
Yoxdur məhvəri, özülü,
Çalxanır, qabarır, batır,
Büsbütün körpüdü qatı…
İşi zorladı, güclədi,
Kütlə çoxdankı kütlədi.
Məskəni çöl, bayır, küçə,
Haqqı ayaqlayıb keçər.
Dost ola, ya ki, yad ola,
Qoyar ayağı altına.
Gözləri qandı kütlənin,
Beyni dumandı kütlənin.
Hərc-mərcliyə müttəfiq,
Kütlə çoxdankı kütlədi.
Qanmaz yaxşı, yaman oldu.
Vəhşiləşir axırda o…
Yox ağlı, gücü, qüdrəti…
Kütlələrin zamanıdır,
Yalvarıram, ağıllı ol,
Kütləyə dönmə, millətim!
 

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA…

 
Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir…
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
 

İNANA BİLMİRƏM

 
İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm, gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Onlarla tanışlar ötürmüşəm mən,
Çiynimə tabutlar götürmüşəm mən.
Nə qədər adamı dəfn eləmişəm,
Bacımı, atamı dəfn eləmişəm.
Yüz yol alışmışam, odlanmışam mən,
Fəxri qarovulda dayanmışam mən,
Nə qədər ömürlər suala dönüb,
Körpələr yox olub xəyala dönüb.
Bir göz qırpımında itib tanışlar,
Sağımdan, solumdan gedib tanışlar.
Hey ürəyim qəmli, hey qanım qara,
Baxmışam sahilsiz qəbiristanlara.
Ulduzlar sanında məzar görmüşəm,
Yenə də özümü ölməz bilmişəm,
Heç inanmamışam gün gələcək ki,
Mən də köçəcəyəm milyonlar təki.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə, hər gün, hər saat.
Min ömür çatsa da sona – insanlar,
İnana bilmirəm buna – insanlar.
Sanıram üstümə ölüm gələndə,
O, mənim köksümü söküb dələndə
Hər cürə davadan, dərmandan əvvəl.
Hər cürə həkimdən, loğmandan əvvəl,
Öz sevgiləriylə, istəkləriylə.
Mənə “Ata! Ata!” deməkləriylə,
Öz baxışlarıyla, öz səsləriylə,
Öz isti, mehriban nəfəsləriylə,
Məni balalarım sağaldacaqlar,
Ölüm zülmətindən çıxardacaqlar.
Sanıram o çətin anımda mənim,
Dostlarım dayansa yanımda mənim,
Sorsalar: “Necəsən?” o əzizlərim,
Təzədən yanacaq sönən gözlərim.
Onlar əllərimdən yapışan kimi,
Durub gəzəcəyəm bir cavan kimi,
Mənə elə gəlir ən son nəfəsdə,
O cəllad duranda başımın üstə,
Sözlərim meydana girib ər kimi,
Çarpışıb, vuruşub igidlər kimi,
Gücünü, əzmini bildirəcəklər,
O qara kabusu öldürəcəklər.
Mənə elə gəlir ölüm gələndə
Bir haray düşəcək o doğma kəndə,
Eşidib, bilənlər yüyürəcəklər,
Onu boğazlayıb sürüyəcəklər.
Mənim küləklərim tüğyan edəcək,
Mənim çiçəklərim üsyan edəcək,
Mənim qartallarım millənəcəklər,
Mənim laylalarım dillənəcəklər,
Çəpərə dönəcək bənövşələrim,
Qalxacaq ayağa göy meşələrim,
Adamlar, qartallar, qayalar, dağlar,
Məni bu həyata qaytaracaqlar.
Mənə elə gəlir, varlığım, canım,
Loğmanlar loğmanı Azərbaycanım,
Ürəyi istəsə – diriləcəyəm,
Mənə oğul desə, diriləcəyəm…
İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə hər gün, hər saat,
Min ömür çatsa da sona, insanlar!
İnana bilmirəm buna, insanlar!
 

Bepul matn qismi tugad.

16 854,95 s`om
33 709,91 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
Hajm:
190 Sahifa 1 tasvir
ISBN:
978-9952-8550-5-9
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar