Kitobni o'qish: «Seçilmişlər»
Shrift:
SEVMƏK BELƏMİ OLUR?!
Deyirsən al boynuna, de ki, sevirəm səni,
Necə alım boynuma, mən səni sevmirəm ki.
Gəl dost kimi danışaq, halımı deyim sənə,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Ağlayıram, yaşımla yanağımda olursan,
Gülürəm, gülüşümlə dodağımda olursan.
Baxıram gah solumda, gah sağımda olursan,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Gecələr ay görsənir, ayda görürəm səni,
Aldığım hədiyyədə, payda görürəm səni,
Əyilirəm su içim, çayda görürəm səni,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Sənsiz düşüncələrim başımdan ötmür asan,
Yatsam yuxularımda, dursam xəyalımdasan.
Özüm də mat qalmışam, hər zaman yanımdasan,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Xəbərin yox, hopmuşam gəzirəm, qanındayam,
Ayrı gəzən cəsədim, ruhumla canındayam,
Bircə sözünə bəndəm çağırsan yanındayam,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Nədənsə sevinirəm mən səni şad görəndə,
Xoşum gəlmir adının yanında ad görəndə.
Qısqanclıqdan ölürəm, yanında yad görəndə,
Sevmək beləmi olur, mən səni sevmirəm ki.
Deyirsən Cığatelə de ki, sevirəm səni,
Sənə sevirəm desəm, itirəcəksən məni.
Ölüm-zülüm söylədim ürəyimdən keçəni,
Daha nə istəyirsən, mən səni sevmirəm ki?…
BU SEVGİNİN ADI NƏDİR BİLMİRƏM
Bu sevginin gözləri bir dənizdir,
Bu sevgimiz göylər kimi təmizdir.
Anam qədər, balam qədər əzizdir,
Bu sevginin adı nədir, bilmirəm?
Yaradanın yaratdığı gözəldir,
Sevda yeni, sevda yeri əzəldir.
Bir əsərdir, bir seirdir, qəzəldir,
Bu sevginin adı nədir, bilmirəm?
Yuxu gördüm, yuxum ərşə dağıldı,
Ağıllıyam, ağlım dəli ağıldı,
Bu sevgimiz oxunmamış nağıldı
Bu sevginin adı nədir, bilmirəm?
Fərqimiz çox, fərq içində fərqsizik,
Fərqimiz yox, fərd içində fərd bizik,
Bir anadan doğulmamış əkizik,
Bu sevginin adı nədir, bilmirəm?
Zamanın hökmüdür, vaxt sevgisidir,
Ilahi yazısı, baxt sevgisidir,
Qədərdir, qismətdir, Haqq sevgisidir.
Ay Cığatel, demə nədir bilmirəm
Bu sevginin adı nədir, bilmirəm?…
MƏN SAKİT SEVƏ BİLMİRƏM
Mənim sevgim dəhşət olur,
Mən sakit sevə bilmirəm.
Çalxalanır külli-aləm,
Mən sakit sevə bilmirəm.
Çağlayıram çaylar kimi,
Ağlayıram göylər kimi,
Çoxalıram saylar kimi,
Mən sakit sevə bilmirəm.
Açıb, soluram gül kimi,
Dənlənirəm sünbül kimi,
Oxuyuram bülbül kimi,
Mən sakit sevə bilmirəm.
Sevgi mənə zülüm olur,
Bir başım, bir əlim olur,
Sevgi mənə ölüm olur,
Mən sakit sevə bilmirəm.
SABAHI GÖZLƏYİRƏM
Bu sabahın gəlişi şah gəlişi kimidir,
Bu sabahın gəlişi şah «bəli»si kimidir.
Bu sabahın gəlişi Nuh gəmisi kimidir.
Sabahı gözləyirəm.
Bu gecənin tufanı axşamdan tutub məni,
Bir sahildən dənizə, dəryaya atıb məni,
«Bəlkə» lərin, «kaş»ların içinə qatıb məni,
Sabahı gözləyirəm.
Çarpışan xəyalların içində bir güman var,
Bu gümanın içində dəhşətli bir aman var.
Bir əsrə bərabər bir gecəlik zaman var.
Sabahı gözləyirəm.
Ulduz da, ay da yatıb, bir saatdı, bir də mən,
Sükutun harayında boğur məni bir kəmən,
Yuxumun əvəzində nə verəcək görəsən,
Sabahı gözləyirəm.
Dünyaya gətirdiyim nə qızdı, nə oğuldu,
Balam kimi şirindi, nə baldı, nə noğuldu,
Bu gecə ana oldum, yeni şeir doğuldu,
«Sabahı gözləyirəm».
SƏNİ BİR ŞAİR SEVİR
Deyirlər acıqlısan, gülməklə yoxdur aran,
Kişi zəhmli olar, ölüncə sənlə varam,
Sevməyən özü bilər, a tünd xasiyyət oğlan,
– Səni bir şair sevir.
Qayıtmır xəyalları müəmmalı səfərdən,
Sənə sarı boylanır bir keçilməz çəpərdən,
Yuxun fil qulağında, xəbərin yox xəbərdən,
– Səni bir şair sevir.
Dağlar buluda yaxın, dağlarda çən olaydım,
Dönüb dumana, mehə-dağa həmdəm olaydım,
A bəxt gəzən bəxtəvər, yerinə mən olaydım,
– Səni bir şair sevir.
Bu dünyada ayrıdı şairin fəlsəfəsi,
Milyonlara bərabər olur bir şair səsi,
Şairin işi zülüm, sevə bilmir hər kəsi,
– Səni bir şair sevir.
SƏN YANIMDA YOXİKƏN
Mənə şirin yuxular diləyib yat deyirsən,
Yuxun çiçəkli olsun, sən gülə bat deyirsən,
Danışdıqca arabir mənə həyat deyirsən,
Gecəm, gündüzüm, yuxum elə sənsən həyatım,
Sən yanımda yoxikən söylə bəs necə yatım?..
Görən nəyimsən mənim, qohumumsan, yadımsan,
Dünyanın təamı çox, bir sən ağız dadımsan,
Mən bir könül quşuyam, sən mənim qanadımsan,
Uçmasam məkanıma ha yüyürüm, ha çatım,
Sən yanımda yoxikən söylə bəs necə yatım?..
Sənli duyğular çətin, sənli duyğular asan,
Sazlı-sözlü dünyamın içində bir dünyasan,
Bu gerçək həyatımda sən özün bir röyasan,
Bu röyamın içində hər yanı çapır atım,
Sən yanımda yoxikən, söylə bəs necə yatım?
Dönüm bir çiçək olum, ətirli qoxuma gəl,
Oyatma yatanları, anadil, oxuma gəl,
Ulduzdan, aydan soruş, dolan, gəz, yuxuma gəl,
Ciğateləm, ruhumu sənin ruhuna qatım,
Səni görmək eşqinə bəlkə uyuyum, yatım.
BİZİMKİDİR BU GECƏ
Açıb bahar gülləri, çəkilib qış da yatıb,
Anasının qoynuna girib, günəş də yatıb,
Ətraf sükut içində, ağacda quş da yatıb,
Görən olmaz, bir sən ol, bir mən olum gizlicə,
Əlini ver əlimə, bizimkidir bu gecə.
Dinib, danışmaq olmur, dayanmışıq nitqilal,
Aparıb ikimizi uzaqlara bir xəyal.
Ürəyim intizarda, gözlərində min sual,
Könlümdən keçənləri danışım bircə-bircə,
Əlini ver əlimə, bizimkidir bu gecə.
Qoşa çapsın atımız, kəhər də bizim olsun,
Gəl dolanaq oba, kənd, şəhər də bizim olsun,
Qoşa görsünlər bizi, səhər də bizim olsun,
Mən razıyam sevgilim, söylə görüm sən necə?
Əlini ver əlimə, bizimkidir bu gecə.
UNUTMAĞI UNUTDURDU BAXIŞIN
İstədim mən səni unudum, gülüm,
Unutmağı unutdurdu baxışın.
Silahlandı, hücum çəkdi qəflətən,
Zəif vücuduma ordu baxışın.
İstədim əl atım, əlim tutmadı,
İstədim söz deyim, dilim tutmadı,
Ayağım getmədi, belim tutmadı,
Bilmirəm, nə sehir, sirdi baxışın?
Elə yaralandım qanım göl oldu,
Süründüm, məkanım səhra-çöl oldu.
Dayanan mən oldum, gedən il oldu,
Yenə səfasını sürdü baxışın.
UNUTDUM SƏNİ
Bir zaman deyərdin qısqanma məni,
Qısqanclıqdan alışardım, yanardım.
Sənsiz keçirdiyim bircə anı mən,
Özümə qaranlıq zindan sanardım.
Qəlbimdə təlatüm, gözlərimdə yaş,
Sevgindən yoluna çələng hörərdim.
Nədənsə baxmazdın gözlərimə sən,
Bütün günahları məndə görərdin.
Sənin hüzurunda qürur bilməzdim,
Küsərdik, birinci mən barışardım.
Uşaq kimi sarılardım boynuna,
Çağladıqca çağlayardım, coşardım,
Beləcə ötərdi həftələr, aylar,
Mən bahar olardım, sən qış olardın.
Uçardın, gedərdin gülüstanımdan,
Mən çəmən olardım, sən quş olardın.
Mənimçün unutmaq ölmək kimiydi,
Bilmirəm neylədin, unutdum səni,
Daha qısqanmıram, daha gəzmirən,
İndi də deyirsən;– sevmirsən məni!..
KİŞİLƏR AĞLAMAZLAR…
Səni sevirəm deyib, sevgidən çağlayırdın,
Məndən aman diləyib, qəlbimi dağlayırdın,
Kişilər ağlamazlar, amma sən ağlayırdm…
Qurudub göz yaşını, ağlamağa qoymadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!
Üzünə baxmadıqca qırılırdı gümanın,
Səni sevmədiyimi bilmirdim necə danım,
Lərzəyə gətirirdi yeri-göyü amanın,
Sən elə ağladıqca sındı qolum-qanadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!
Bilmədin, bu sevgiyə yanıb, qarışan oldu,
Can deyən doğmaların halı pərişan oldu,
Ürəyini tutanda ürəyim şan-şan oldu,
Əyildi şax qürurum, yerə düşdü inadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!
Ötüşmürdü güzarın, elə ahu-zarıydı,
Sanki heç sevməmişdin, sevgin ilk-nübarıydı,
Mən görən gözlərində bir məsumluq varıydı,
Necə deyim saflığa, məsumluğa uymadım?
Mən ki, duymaz deyildim, səni necə duymadım?!
Deyirdin aman allah, heç belə sevməmişdim,
Nə oldu birdən-birə niyə belə dəyişdin?
Səni sənə anladıb, mənə nələr demişdim?…
Mən səndən qaça-qaça sənə elə bağlandım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!
Ah, mənim yumşaqlığım başıma bəla oldu,
Haqqı sevən bəndələr eşqə mübtəla oldu,
Nə oldu Cığatelə, haqq oldu, əla oldu,
Sənə baxan gözümü zamanında oymadım,
Mən ki, duymaz deyildim, səni necə duymadım?!
SOL GÖZ
Nə sarı boylandı, nə yaxşı baxdı,
Üstəlik dedilər nə yaxşı baxtdı,
Sol gözün gözümə nə yaxşı baxdı,
Sən mənə baxanda sol gözünlə bax.
Dəyirmanda çaxmağın da fərqi var,
Yandırmağın, yaxmağın da fərqi var,
Sağdan, soldan baxmağın da fərqi var,
Sən mənə baxanda sol gözünlə bax.
Baxışlarım baxışının acıdır,
Baxışların baxışların tacıdır.
Gözlərindən sol gözün qıyğacıdır,
Sən mənə baxanda sol gözünlə bax.
Bağban olsan, çiçəklənər bağ əlnən,
Fərhad olsan, parçalanar dağ əlnən,
Versən allam salammı sağ əlnən,
Sən mənə baxanda sol gözünlə bax.
Çağır Cığateli, yolunda durum,
Bağla, saat olum qolunda, durum,
İşim ürəklədi-solunda durum,
Sən mənə baxanda sol gözünlə bax.
BU SEVGİ KÖNLÜMƏ XƏBƏRSİZ GƏLİB
El edib yaylağa köç, bilməmişəm,
Deyiblər gələn var qaç, bilməmişəm.
Hardan, necə gəlib, heç bilməmişəm,
Bu sevgi könlümə xəbərsiz gəlib.
O elə odlanıb, köz də salmayıb,
Danışıb, sevgidən söz də salmayıb.
Deyəsən kölgədi, iz də salmayıb,
Bu sevdi könlümə xəbərsiz gəlib.
Haçandan qəlbimə əkilib tumu,
Anlaya bilmirəm, məhəbbət bumu?
Yalandı, kim deyir kəsib yolumu,
Bu sevgi könlümə xəbərsiz gəlib.
HƏR GÜN BAXACAĞAM SƏNİN RƏSMİNƏ
Bir daha üzünü görməsəm belə,
Verdiyin rəsminlə danışacağam.
Mən də sənin kimi aldadıb məni,
Yalançı eşqimlə yaşayacağam.
Xəyal dənizində axıb gedəcəm,
Sahilə atacaq məni bir gəmi,
Səhraya dönəcək qumlu sahillər,
Nağıllar içində tapacam səni.
Hər gün baxacağam sənin rəsminə,
Sənli xəyallardan saray hörəcəm.
Sənin də pisliyin sənə qalacaq,
Hər gün o sarayda səni görəcəm.
YAXŞI Kİ, XƏYALLAR GÖZƏ GÖRÜNMÜR
Gecə sakit, ay işıqlı, mən dalğın,
Yalnız səni düşünürəm bu gecə.
Gah xəlvətcə görüşünə gəlirəm,
Gah fikrimdən daşınıram bu gecə.
Uşaq kimi kövrəlirəm arabir,
Gah yaxında, gah uzaqda olursan,
Gah yandırıb, gah üşüdürsən məni,
Gah ocaqda, gah sazaqda olursan.
Min günah, bir savab edən bu gecə,
Dünyanı bürüyür, özü bürünmür,
Məni asdırarlar dar ağacından,
Yaxşi ki, xəyallar gözə görünmür.
DARIXDIM
Yatağımda yuxum ərşə çəkildi,
Səhər-səhər sənin üçün darıxdım
Göründü gözümə nurlu surətin,
Telindəki dənin üçün darıxdım.
Xəyalımda baxışınla danışdım,
Enişinlə, yoxuşunla danışdım,
İsti yayın, sərt qışınla danışdım.
Duman gördüm, çənin üçün darıxdım.
Cığateləm, ahımdan dağ yarıldı,
Dağlar məndə dağı gördü, darıldı,
Ruhum sənin vücuduna sarıldı,
Səndə olan mənim üçün darıxdım.
SƏN HARDAN BİLƏSƏN?
Sən hardan biləsən mənim qədrimi,
Meyli meyxoşlara tuş olan yazıq.
Düşüb təsirinə meyin-məzənin,
Sərxoşlar əlində «xoş» olan yazıq.
Səni balıq deyib kim tora salıb,
Dənizdən çıxarıb, çuxura salıb,
Ürək süfrəsində yeri boş qalıb,
Tamsız dodaqlara «nuş» olan yazıq.
Mənə daş deyirsən, daş ağır olar,
Kədərdən süzülən yaş ağır olar,
Ağıl başda olar, baş ağır olar.
Huşsuzlar başında huş olan yazıq.
Cığatel halidir, deyildir naşı,
Dəmiri bəzəməz altunun qaşı,
Ortada cibləri, əvvəldə başı,
Axırda əlləri boş olan yazıq.
DEYƏ BİLMƏDİYİM SÖZ
Yataydım, sevdiyim, səni sevdiyim,
Bir yuxu olaydı, düz olmayaydı.
Üz-üzə, göz-gözə dayanıb sənə,
Deyə bilmədiyim söz olmayaydı.
Bir zaman obama, elimə alqış,
Deyən dillərimə gəlibdi qarğış,
Sənsiz keçirdiyim bir payız, bir qış
Sənə rast gəldiyim yaz olmayaydı.
Eşqim torpaqdadı, eşqin ucada,
Bir kitab acı var, bircə hecada,
İstər amiranə, istər «rica»da,
Dözmək çətin olur, «döz» olmayaydı.
Söylə Cığatelə nədir günahım?
Neynəyim açılmır sənsiz sabahım.
Mən nökər olaydım, sən mənim şahım,
Sənlə keçən ömrüm az olmayaydı.
BAŞIMIN AĞIL YERİ
Səni gördüyüm gündən
Ağlım çıxıb başımdan,
Gözüm yollarda qalıb,
Bir xəbər yox huşumdan.
Ayağım gedir hara,
Ha baxıram, görmürəm,
Çıxmışam buludlara,
Yerə düşə bilmirəm.
Dəyişik düşüb gecəm
Yanılmışam günəşi,
Mən dünyaya doğmayam,
Bu dünya mənə naşı.
Nə zamandı boş qalıb,
Başımın ağıl yeri,
Ürəyim sənin olsun,
Ağlımı qaytar geri.
DEYİM HARDA GÖRÜŞƏK
Görüş yerimizi heç kimə demə,
Xəlvətcə gəl, deyim harda görüşək.
Gül üstündə şehə dönək, arabir,
Buxarlanaq, buludlarda görüşək.
Nura dönək al şəfəqə bələnək,
Sevənlərin sevgisinə çilənək,
Göydən yerə damla-damla ələnək,
Çaya düşək, saf sularda görüşək.
Kim görübdü məhəbbətdə mürvəti,
Yandırmaqdır, ağdatmaqdır adəti,
Yaxsın bizi bir vüsalın həsrəti,
Çəkdiyimiz intizarda görüşək.
Yerin qulağı var, yerdə səs olar,
Bir də təkdi, on üç kimi nəs olar,
İkimizə bir ağ köynək bəs olar,
Cığateləm, gəl məzarda görüşək.
ÖMRÜM-GÜNÜM
Ay oğrun-oğrun baxan,
Məni yandırıb yaxan,
Sən ki, bəxtimə çıxan,
Günsən, ay ömrüm-günüm.
Gördüm, vuruldum sənə,
Gözəl gülüm, gülsənə,
Bu qədər doğma mənə,
Kimsən, ay ömrüm-günüm?…
Gündüz günəş növrağım,
Gecə nurlu çırağım,
Bir tərpədib dodağın,
Dinsən, ay ömrüm-günüm.
Sənsən kamanım, neyim,
Sənə necə sev deyim?
Dünyada tək sevdiyim,
Sənsən ay ömrüm-günüm.
BİRCƏ MƏNƏ YOX DEMƏ
Bu dağların ceyranı,
Sənin kimi yar hanı?
Olum dilin qurbanı,
Bircə mənə yox demə.
Danışdır, güldür məni,
Ay ömrümün gülşəni.
İstəsən öldür məni.
Bircə mənə yox demə.
Gözlərimə baxan yar,
Ürəyimi yaxan yar,
Ay evimi yıxan yar,
Bircə mənə yox demə.
Zirvələrdə qar necə?
Bağçalarda bar necə?
Necə deyim, yar necə?
Bircə mənə yox demə.
BAXMALI GÖZDÜ
Gözümü gözündən çəkə bilmirəm,
Neyləyim, gözlərin baxmalı gözdü.
Mənbəyi səndədi, mənsəbi məndə,
Süzülüb könlümə axmalı gözdü.
Təbəssümün həzin, gülüşün həzin,
Ölümü-dirimi çəkir tərəzin.
Mehriban düşməndi, xoşdu qərəzin,
Yıx evim, halalın, yıxmalı gözdü.
Ürək duyduğunu gözə göz deyər,
Dil aldada bilər, düzü göz deyər.
Baxmalı gözlərə baxmasan əgər,
Cığatel, gözlərin çıxmalı gözdü.
PAYIZDA AÇAN ÇİÇƏYİM
Sən mənim ömrümə bahar gətirdin,
Ey mənim payızda açan çiçəyim.
Qəlbimi isidən günəşim oldun,
Ömrümə şölələr saçan çiçəyim.
Sanki yerə endi göydən mələklər,
Əlçatmaz arzular, zərif diləklər.
Ətrini əlimdən alır küləklər,
Mən səni qoxlayım haçan, çiçəyim?
Gələndə baxmadın payıza, qışa,
Ürəkdə atəşə, gözdə yağışa,
Yaşa, Cığatelin ruhunda yaşa,
Əbədi könlümə köçən çiçəyim.
MƏNİ
Mən sənə yar dedim, eşqin naminə,
Demədim ki, qılınc götür “yar” məni.
Dünya cənnət, min neməti var ikən
Qəm-kədərlə çulğalayıb sar məni.
Sığındım sevginə ay eşqi fəna
Dedim səyyah olaq, çıxaq seyrana.
Demədim qayıq tək atıb ümmana
Fırtına içində "üzüb" yor məni.
Aldanıb, baxışın gözünmü dönüb?!
Üzümə baxmaqdan üzünmü dönüb?!
Düşünmə vaxt ötüb, alovun sönüb,
Közün canımdadır, yaxır qor məni.
Çıxdım səhralara dağıdam dərdi,
İlana yem olam, unudam dərdi.
Söylədi: – ey aşiq, eşqin zəhərdi
Çalmadı nə gürzə, nə şahmar məni.
ÖLƏNƏ KİMİ
Gözümü yollardan çəkən deyiləm,
Səni gözləyəcəm gələnə kimi.
İnan ki, gülməyi unudacağam,
Sən mənim üzümə gülənə kimi.
Aldın əllərimdən, aldın dözümü,
Özgədən soruram indi özümü,
Kiriyən deyiləm, ağlar gözümü,
Özün öz əlinlə silənə kimi.
Xəyalın ruhumdan, adın dilimdən,
Düşməz, çəkilsəm də dara zülümnən.
Özgə nə gələr ki, mənim əlimdən,
Səni sevəcəyəm ölənə kimi.
SEVGİ QARĞIŞI
Ağlına gəlməyən kəsi sevəsən,
Əyə qürurunu, sındıra səni,
Gözləri gözünün oxşarı ola,
Girə ürəyinə qandıra səni.
Keçə bilməyəsən, özü mərd ola,
Sevgin sevgim kimi sənə dərd ola,
İsti yatağına soyuq qor dola,
Üşüdə atəşin dondura səni.
Çaşıb unudasan qohumu, yadı,
Qala damağında vüsalın dadı,
Gözə görünməyə sinənin odu,
Ağzından çıxan ah yandıra səni.
Əsə Cığateltək dodağın, dilin,
Əlinin içində yetməyə əlin.
Mələk simasında gələ sevgilin,
Əzrail hökmündə dindirə səni.
26 671,68 s`om
Janrlar va teglar
Yosh cheklamasi:
16+Litresda chiqarilgan sana:
18 oktyabr 2022ISBN:
978-9952-8260-6-7Mualliflik huquqi egasi:
JekaPrint