Kitobni o'qish: «Erməni mənəvi terroru»
İğdır Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyi

Kitab Klubu
www.kitabklubu.org
Erməni mənəvi terro ru. Adlar dəyişsə də, tarix qalır
ÖN SÖZ
Millətləri yaşadan ən önəmli ünsürün mədəniyyət olduğu məlum bir gerçəklikdir. Öz mədəni dəyərlərinə sahib çıxmayan millətlərin aqibətinin peşmançılıq olduğu tarix səhifələrindən bəllidir. Bir yazarın dediyi kimi: "Biz keçmişimizə güllə atsaq, gələcək nəsillər bizi topa tutar”. Bu baxımdan ləyaqətlə yaşamaq istəyiriksə, keçmişdən gələcəyə körpü salan mədəni irsimizi qorumağa, yaşatmağa və araşdırmağa məcburuq.
XX əsri addım-addım arxada qoyduğumuz bir zamanda terrorun hələ gündəmdə olması, təəssüf ki, acı bir gerçəklikdir. Məsum və günahsız insanların terrorun qurbanına çevrilməsini böyük acıyla seyr etməkdəyik… Ancaq bunlardan daha təhlükəli və bağışlanmaz olanı mənəvi terrordur. Bəzi millətlər düşmən saydıqları xalqların əsrlərlə yaradıb-yaşatdıqları mənəvi dəyərləri yandırıb-dağıdaraq, silib-dəyişdirərək şərəfli bir iş gördüklərini zənn edirlər. Başqa millətlərin mədəni abidələrini dağıtmaqla özlərinin nə qədər “mədəni” millət olduqlarını sübut etməyə çalışanları hər halda tarix bağışlamayacaq.
Dəyərli oxuyucular! Əlinizdəki bu kitab “mənəvi terror nədir" sualına cavab verən, dünya ictimai fikrinə ünvanlanacaq bir ibrət dərsidir. Soyqırımı iddiasında bulunan və sırtıqcasına dünyanı yayındırmağa çalışan erməni təbliğatçılarının Azərbaycan türklərinə qarşı necə mənəvi genosid törətdiklərini ibrət və dəhşətlə oxuyacaqsınız. Kitabı oxuduqca milli və mənəvi dəyərlərin həkk olunduğu maddi sənət əsərlərini tamamilə ortadan qaldıran erməni qəsbkarlarının türkcə yer adlarına ifrat dərəcədə dözümsüzlüyünü gördükcə vicdanınız sızlayacaq. Görəsən, burada sadəcə üzülmək və təəssüflənmək yetərlidirmi? “Bizim əlimizdən nə gələr” deyənlər mənəvi genosid törədən ermənilərin xəmirinə su tökmüş olmayacaqlarmı? Bəs nə etməli?..
Bütün dünyaya, əsasən də, mədəni abidələrin qorunması və mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara yorulub-usanmadan gerçəkləri anlatmalıyıq. Öz yalanlarını dünya ictimai fikrinə gerçəklik kimi sırıyan ermənilərin tərəfdarlarına qarşı haqqımızı sonadək anlatmağa məcbur və məhkumuq. Başqa çarəmiz yoxdur. Bu vəzifə təkcə Azərbaycanın deyil, Azərbaycan türklərinin haqlı və şərəfli davasına inanan xaricdəki qurum və təşkilatların da bir nömrəli vəzifəsidir.
Azərbaycan davası böyük və müqəddəs davadır. Müstəqilliyə təzəcə qovuşmuş bir dövlət olmağımıza baxmayaraq, tarix səhnəsinə yeni çıxmış bir millət deyilik. Əsrlərdən gəlir səsimiz. Tez və ya gec – haqlı olduğumuzu, qürurumuzu və ləyaqətimizi bütün dünyaya sübut edəcəyik. Buna zərrəcə şübhə yoxdur. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu müqəddəs savaşı anlamaq, başqalarına anlatmaq və bu yolda usanmadan çalışmaq gərəkdir.
Bu düşüncələrin işığında məşhur memar-yazar Cəfər Qiyasi ilə İğdır Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyinin başqanı, tədqiqatçı-yazar (mərhum) İbrahim Bozyelin müştərək hazırladıqları bu gözəl və dəyərli əsəri diqqətinizə çatdırmaqdan məmnunluq duyuruq.
Ayrıca təşəkkürlərimizi kitabın işıq üzü görməsində əvəzsiz yardımına görə “BAĞLAN” şirkətlər qrupunun prezidenti Hafiz Məcid oğlu Məmmədova çatdırırıq!
Redaktordan
AZƏRBYCAN-TÜRK MƏDƏNI IRSINƏ QARŞI YÖNƏLƏN ERMƏNI TERRORU
1930-cu illərdə türkçülük, turançılıq suçlamasıyla Sibirə sürgün edilən böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ikicə misrası təkcə sistem pozuqluğu olan cəmiyyəti deyil, böyük arzularla yaşayan fərd və millətlərin çıxılmaz vəziyyətini də məharətlə ifadə edir:
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Böyüklük xülyasında olan zəif bir şəxsiyyət əlinə imkan düşərsə, çevrəsindəki insanlar üçün necə təhlükəlidirsə, böyüklük, əzəmət iddiasında olan kiçik bir xalq da eləcə qonşuları üçün daim problem qaynağı olur. Azərbaycan türkləri erməni örnəyində zaman-zaman belə gerçəkliklə qarşılaşsa da, başına gələn fəlakətlərdən dərs alaraq lazım olan tədbirləri görməyib.
Ermənilərin təbiətində olan davakarlıq və qəddarlıq onların tarixi taleyindən irəli gəlir. Tarix boyu böyük dövlətlərin hökmranlığı altında yaşayan, heç bir zaman müstəqil dövləti olmayan ermənilər ağalarını tez-tez dəyişən kölələr kimi qul durumunda ömür sürüblər. Roma, İran, Bizans, Ərəb, Türk, Rus… Tarix səhnəsinə yeni ağa çıxdıqda ermənilər həmişə əski ağalarına qarşı üsyan ediblər. Rus tədqiqatçısı Veliçkonun sözlərinə görə, ermənilər ağalarını sistemli olaraq satmışlar.1 Beləcə əbədi olaraq köləlik duyğusu bu millətdə insansevərlik, alicənablıq hisslərinin yaranmasına imkan verməyib. Köləlik duyğusu erməni xarakterində qısqanclıq, ikiüzlülük, böyüklüyə və əzəmətə aclıq kimi neqativ keyfiyyətlər meydana gətirib.
Ac xəyallarında “Böyük Ermənistan” mifini yaradan, ancaq gerçəkləşdirməyə gücü yetməyən, böyüklük yükünün altına girmiş bu kiçik xalq özünü içindən çıxılmaz bir hala salmışdır. Kölə xülyasından törəmiş böyüklük, qədimlik iddialarını elmi təməllərə dayandırmaq, uydurduqları böyük yalanları maskalamaq və qədim dövr tarixini öz xeyirlərinə dəyişdirmək üçün Yaxın Şərq xalqlarının maddi və mənəvi mirasını acgözlüklə mənimsəyiblər. Son yüz ildə erməni mütəxəssisləri və rus siyasətçiləri uydurduqları “Böyük Ermənistan” xəritəsinə tarixi-elmi don geydirmək üçün total səfərbərlik elan ediblər. Sadəcə siyasətçiləri deyil, ziyalıları da zəiflik, qorxaqlıq və alçaqlıq nümunəsi olan terror yolunu tutublar, beləliklə, ermənilər tərəfindən bu xəyali xəritənin aid olduğu ərazidə yerləşən türk tarix və mədəni mirasına qarşı geniş miqyasda məhvetmə əməliyyatına start verilib. Bu torpaqlar Azərbaycanın tarixi torpaqları olduğundan ermənilərin həyata keçirdikləri terror əvvəldən Azərbaycan-türk mədəni-mənəvi mirasına qarşı yönəlib. Ermənilər türk mənəvi mirasına qarşı davalarını bir neçə yöndə aparmaqdadırlar:
1) Aşkar mədəniyyət oğurluğu: başqa xalqların abidələrini erməni abidəsi kimi özününküləşdirmək;
2) Erməniləşdirmə: bəzi modifikasiyalarla qonşu xalqların abidələrinə əl qoymaq;
3) Ermənisayağı mənəvi terror: erməniləşdirə bilmədiklərini dağıdıb izini yox etmək…
Ermənilər mədəni oğurluğu ən çox musiqi sahəsində gerçəkləşdiriblər. Çox sayda Azərbaycan mahnı və oyun havasını, adını belə dəyişdirməyə gərək görmədən, özlərinə aid imiş kimi təqdim etməkdədirlər. “Sarı gəlin”, “Köçəri”, “Uzundərə”… Ayrıca seçilmiş türk yallıları (Anadolu və Naxçıvan yallıları), erməni folklor qruplarının repertuarında önəmli yer tutur.
Çağdaş erməni bəstəkarlarının – özəlliklə A. Xaçaturyanın yazdıqları opera və balet əsərlərində Azərbaycan xalq musiqisindən çox geniş şəkildə istifadə olunub. Ermənilər Şərqdə çox yaxşı bilinən və tanınan Azərbaycan muğamlarına da sahib olmaqdan çəkinməyiblər. Adlarından da anlaşıldığı kimi, türklərə aid olduğu hesab edilən musiqi alətlərinə də sahib çıxmaqdadırlar. Ney, zurna, kaman, tar…
Bu durum bir yandan erməni xarakterində olan oğurluğu, digər yandan orta əsrlərdə türk hakimiyyəti altında erməni musiqisinin üstün türk musiqi mədəniyyəti qarşısında davam gətirə bilməməsi üzündən öz-özlüyündə unudulmasının nəticəsidir…
Dekorativ əl sənətlərində, özəlliklə türklərə aid olan xalçaçılıq sənətində erməni təxribatı çox böyükdür. Xalçaçılıq ayrıca araşdırma sahəsi olmaqla bərabər qeyd edilməlidir ki, işğal altındakı Azərbaycan kəndlərində toxunmuş türk xalılarının oğurlanaraq Ermənistana aparılması və Yerevandakı Xalça muzeyində erməni əl sənəti kimi sərgilənməsi ermənilərə başucalığı gətirmir.
İndi də türk nağılları, atalar sözləri, bayatı və dastanlarının adları dəyişdirilməklə erməni folklorunun yaradılmasına başlanılıb. Ünlü “Koroğlu” dastanımızın ermənicə tərcüməsi artıq orijinal bir əsər kimi təqdim edilir. Ən acınacaqlısı isə odur ki, ermənilərin illərdir sürdürdüyü açıq-aşkar və həyasızcasına oğurluq hallarına qarşı Azərbaycanda heç bir zaman mübarizə aparmaq ehtiyacı duyulmayıb.
Mədəni irsimizə daxil olan tarixi memarlıq və arxeoloji abidələr erməni mənəvi terroru proqramında daha önəmli yer tutmaqdadır. Çünki bu abidələr yerləşdikləri ərazinin kimlik və mülki tarixi sənədləridir. Ermənilər qonşu ərazilərə hər zaman acgözlüklə baxdıqları üçün “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmə yolunda qonşu memarlıq abidələrini ermənilərə aid imiş kimi göstərməyə həmişə çox böyük önəm veriblər.
XX əsrin əvvəllərində V. L. Veliçko belə yazırdı: “Ermənilər gürcülərin tarixini arxeoloji baxımdan vicdansızcasına talan etdilər. Abidələrdəki gürcü yazılarını qazıb pozdular. Əski pravoslav kilsələrini soydular”.2
Ermənilər Qafqaz torpaqlarında özlərini xristian mədəniyyətinin tək varisi olaraq qəbul edirlər. Onlar Azərbaycan ərazisində xristian-türk mədəniyyətini təmsil edən Qafqaz Albaniyası abidələrini öz abidələri imiş kimi araşdırıb sonuclarını beynəlxalq səviyyədə yaymaq, təbliğat yoluyla köklü mədəniyyətə sahib bir toplum olduqları fikrini, düşüncəsini yaratmağa çalışmaqdadırlar.
Azərbaycanda xristian-türk memarlığının güclü ənənələrinin olduğu məlumdur. Qafqaz Albaniyası ərazisində qalan zəngin xristian memarlıq irsi bu ənənələrin əsasını təşkil etməkdədir. Hətta İslamın ən güclü çağlarında – XIII əsrdə xristianlığı qəbul etmiş Elxanilərdən bir neçə xan və onların xanımları Azərbaycan torpaqlarında çoxlu sayda kilsə, monastr tikdirmişdir.
Xristianlığı himayə edən Elxanilər 1272-ci ildə Marağa, 1282-ci ildə Təbrizdə yeni kilsələr tikdirmişlər. Ayrıca 1294-1301-ci illər arasında Marağanın quzeyində böyük bir monastr inşa etdirmişlər. Elxanilər sülaləsində ordugahdakı hökmdar otağı yanında çox zaman bir kilsə qurulurdu. Onların həmin dövrdə çox sevdikləri yaylaq yeri – Qarabağda da kilsə və monastrlar inşa edilmişdi… Qarabağın əski məzarlıqlarında üzərində atlı türk-monqol təsvirləri olan xristian məzar daşları (xaçdaşlar) məhz xristian Elxani ordu başçılarının qəbirləridir.
Elxani sülaləsinin qurucusu Hulaku xan böyük xanımı, Kereit elindən olan Doqquz Xatunun xristian inancına sayğı göstərirdi. Bu məqsədlə xanımının istəyinə uyğun ölkənin bütün vilayətlərində kilsələr tikdirmişdi.3 Gecələdiyi yerlərdə səyyar kilsə qurdurduğu deyilən Doqquz Xatunun tikdirdiyi kilsələrin ən önəmlisi Dağlıq Qarabağ ərazisindəki Gəncəsər monastrıdır. Bu tarixi abidə bütün Qafqazlarda ən gözəl türk-xristian abidəsi kimi qəbul edilir. Kitabələrində Doqquz Xatunun adı olan və memarlıq üslubunda türk ənənəsi, dəst-xətti açıqca görünən kilsənin bəzədilməsində türk bəzək sənətindən istifadə edilmiş, İsa peyğəmbər isə Turani tipdə təsvir edilmişdir. Sözügedən kilsə Ermənistanda erməni abidəsi olaraq tanıdılmaqdadır.
Erməni mütəxəssislərinin iştahası sadəcə Qafqaz Albaniyasının (Azərbaycanın) bir bölgəsinin xristian memarlıq irsi ilə qurtarmır. Onlar Ermənistan hesab etdikləri Qərbi Azərbaycan ərazisində yerləşən müsəlman-türk abidələri olan qalalara, körpülərə, karvansaralara və türk evlərinə də sahib çıxmaqdadırlar. Naxçıvanın Kirnə kəndindəki Səlcuq məscidi ilə üstündə memarın, onu inşa etdirənin, tikilmə tarixinin olduğu türk memarlıq tarixinin incisi Möminə Xatun türbəsini də erməniləşdirmək istəyən tədqiqatçıların hansı insaf, hansı məntiq və əxlaq anlayışı ilə hərəkət etdiklərini anlamaq mümkün deyil.
Azərbaycan ərazisindəki türk-alban abidələrini erməniləşdirmə saxtakarlığının tarixi də qədimdir. Zaman-zaman bu abidələrdəki albanlara aid nümunə və yazılar qazılaraq yox edilmiş və ya erməni memarlıq element və yazıları əlavə olunaraq özəlləşdirilmişdir. Bu əməliyyatlar üçün onillər boyu Ermənistandan özəl ekspedisiya qrupları və təxribatçılar göndərilərək Azərbaycan torpaqlarındakı xristian-türk abidələri tamamilə erməniləşdirilmişdir.
Ötən əsrin 70-ci illərində Gədəbəydə bir kənd müəllimi mənə belə bir hadisə danışmışdı:
– Bir gün buralarda bir sərsəri erməni peyda oldu. Bir əlində balta, çiynində torba olan bu “səyyah” erməni harada daş, divar görsəydi, orada tez bir xaç qazıyırdı.
Mən ona dedim ki, bu erməni sərsəri deyil Azərbaycana xüsusi olaraq göndərilmiş hiyləgər bir təxribatçıdır. Gerçək sərsəri, bu təxribatı anlamayan, qəflət yuxusunda olan rayon rəhbərliyi və yerli hüquq-mühafizə orqanlarıdır.
İllərlə Azərbaycanın kommunist liderləri bu təxribatlara göz yummuş və beləliklə, erməni mənəvi terrorçularına şərait yaratmışlar, Azərbaycanın sadəcə mədəni irsini deyil, torpaqlarını da satmışlar. Erməni təxribatını Azərbaycanda dəstəkləyənlər təkcə Azərbaycanda yüksək vəzifələrdə çalışan ermənilər deyil, həmçinin anası, arvadı, yaxud katibəsi erməni olan yüksək səviyyəli məmur və işçilər idi. Beləcə, əlibaltalı sərsəri ermənilər Qarabağ, Kəlbəcər, Gədəbəy, Qazax, Qubadlı bölgələrində rahat şəkildə türk-xristian abidələri üzərində erməniləşdirmə əməliyyatları aparmış, memarlıq irsimizə düzəldilməsi mümkün olmayan təxribatlar edərək ciddi ziyan vurmuşlar.
Ermənilər özlərinin uydurma böyüklük və qədimlik iddialarına dünyanı inandırmaq üçün keçən əsrdə xarici, əsasən də rus ziyalıları arasında tanınmış muzdlu adamlar tutaraq sözdə yad avtoritetlərlə mövqelərini gücləndirməyə çalışmışlar. Ermənilərin Azərbaycan-türk abidələri ilə özlərinə aid olmayan tarixlərini qədim dövrə calamaq yolunda çalışmaları son illərdə o qədər absurd şəkil alıb ki, buna artıq ermənilər tərəfindən pulla tutulan nüfuzlu elm adamları da tab gətirə, dözə bilmirlər. S. Ayvazyan adlı erməni “araşdırmaçısı” silsilə məqaləsində “M.Ö. XIX əsrdəki erməni heroqlif yazısı” ilə bağlı bilgilər verib. Bütün dünya əlifbalarının bu heroqlifdən qaynaqlandığını söyləyəcək qədər bəsirət və mühakiməsiz olan S.Ayvazyan Mesamor deyilən yerdəki daş və qayalardakı yazıları elmi sübut olaraq göstərib.4 Halbuki şərqşünaslar bunların Kufi xətti ilə Əli Qasımxan, Məhəmməd, Əli və Həsən… adlarının yazıldığı, Azərbaycan türklərinə aid XIX əsrdən qalma məzar daşı olduğunu sübut ediblər. Bu məzar daşının olduğu yerin yaxınlığında Azərbaycan türklərinin yaşadığı Zeyvə kəndi vardı. Kimsənin tanımadığı erməni araşdırmaçı sağdan-sola oxunan ərəb əlifbasını soldan-sağa ermənicə oxumaq kimi miqyassız saxtakarlıqla 38 əsrlik bir yanlışlıq etmişdir. S. Ayvazyan belə fantastik yalanla, saxtakarlıqda tarixçi babalarının ölülərinə yəqin ki rəhmət oxutdurub. Gerçəklikləri təhrif etməkdə böyük tarixi təcrübə qazanmış olan hay-erməni tarixçiləri fəaliyyətlərini bu minvalla davam etdirməkdədirlər.
Ermənilərdə hökmranlığın ən önəmli simvollarından biri sayılan axçanın (metal pul) olmaması dövlət ənənələrinin yoxluğunun ən böyük dəlili hesab edilə bilər. Erməni alimləri bu boşluğu doldurmaq üçün erməni tərzinə uyğun elmi kəşflər axtarışındadırlar. B. Mkrtçyan soyadlı birisi 1967-ci ildə Çexoslovakiya dərgilərinin birində “M.Ö. XIX əsrdə hay sikkələri” başlıqlı ingiliscə məqalə yayımlamışdı. Yazıda sikkələrin üzərindəki sözlər də tərsinə oxunmuş, sonradan bu sikkələrin Eldəgizlərə (1133–1225) aid olduğu bəlli olmuşdur.5Erməni numizmatlarının (!) bu cür qədim pul ”axtarışları” hələ də davam etməkdədir.
Elm aləminin gözləri önündə cərəyan edən bu iki olayı ermənilərin tanınmış muzdlu elm adamlarından biri, arvadı erməni, özü isə erməni heyranı olan sankt-peterburqlu akademik B. Piotrovski bir yazısında izah etmiş, erməniləri belə nadan nəzəriyyələrdən çəkinməyə çağırmışdır. Mədəniyyət sahəsində psixi pozuqluq nümayiş etdirən erməni tədqiqatçılarının belə əcaib uydurmaları öz tərəfdarlarının çoxunu vaxtaşırı çıxılmaz olan bir duruma salır.
Erməni mənəvi terror proqramında ön yerlərdən birini tutan ən qəddar üsul əsrlərin miras olaraq zəmanəmizə daşıdığı sənət əsərlərinin və abidələrin vəhşicəsinə məhv edilməsidir. Ermənilər oğurlayıb, saxtalaşdırıb özəlləşdirə bilmədikləri memarlıq abidələrini tamamilə məhv edirlər. Bunlar əsasən İslam dövrünə aid olan sənət əsərləri və məzarlıqlardır.
XIX əsrdə İrəvan xanlığı torpaqlarını Rusiyanın işğal etməsindən sonra İrəvan şəhəri ətrafında erməni bölgəsi yaratmaq məqsədilə rusların və ermənilərin birlikdə yürütdükləri siyasət yerli əhali olan türkləri bu ərazidən çıxarmaq və onların yerüstü sənət əsərlərini və abidələrini məhv etməyə yönəlmişdir.
Azərbaycanın gənc şəhərlərindən olan İrəvan XVI əsrin əvvəllərində Osmanlı —Səfəvi savaşı əsnasında möhkəm bir qala olaraq inşa edilmişdi. Övliya Çələbi məşhur “Səyahətnamə”sinin “Asəfi Qala-ı Rəvan Azərbaycan” hissəsində belə yazıb: “…910-cu ildə (miladi tarixi ilə 1504) Şah İsmayıl Səfəvi orada bir qala binasını Rəvan Qulu xan adlı vəzirinə fərman verir. O da yeddi il ərzində qalanı tikib tamamlayır. Zəngi çayının cənubi-şərq sahilində kərpic və daşdan tikilmiş bir qalanı xatırladır, amma birqatdır”.6
Osmanlı-Səfəvi savaşlarında əldən-ələ keçən Rəvan qalasını 1582-1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşanın yenidən bərpa etdiyi tarixdən hər kəsə məlumdur.7 Türk şəhər və memarlıq ənənəsinin özəlliklərini daşıyan İrəvan şəhərində – Qala, Şəhər, Təpəbaşı, Dəmirbulaq, Təbriz qapısı, Şirvan qapısı, Körpü qapısı və s. vardı. 1864-cü ildən başlayaraq içərisində sadəcə müsəlmanların yaşadığı, tikiliş üslubu etibarilə Bakının İçərişəhərinə bənzəyən Rəvan qalası dağıdılmış, müsəlman məzarlıqları məhv edilmiş, əski məhəllələrin adları isə dəyişdirilmişdir.
Rus işğalı ərəfəsində İrəvanda nə qədər məscid olduğu haqqında bilgi yoxdur. Rusların 1828-ci ildən etibarən sürətlə erməniləşdirmə siyasəti yürütdüyü şəhərdə XX əsrin əvvəllərində səkkiz məscid qalmışdı.8 Onlardan ən qədimi İrəvan şəhərinin yaşıdı olub və 1510-cu ildə Şah İsmayılın (1501–1524) əmri ilə tikilib. Səfəvi-türk xanədanı dövrünün mükəmməl camelərindən biri olan bu abidəni ermənilər 1918-ci ildə içərisinə müsəlman türklərini dolduraraq yandırmışlar. Cümə məscidini İrəvanı 1604-cü ildə Osmanlılardan alan I Şah Abbas (1587–1629) 1606-cı ildə tikdirmişdir. Memarlıq həlli baxımından da bir-birinə bənzəyən və eyni dövrdə inşa edilən İrəvan və Gəncə Cümə məscidlərinin memarı Şərqin tanınmış alimlərindən Şeyx Bahəddin olmuşdur. İrəvan qalasındakı Sərdar sarayının qərbində yer alan bu abidə məscid binası, mədrəsə, kitabxana, mehmanxana və onları əhatə edən geniş həyətdən ibarət möhtəşəm bir memarlıq kompleksi idi. Qanlı olayların cərəyan etdiyi 1918-ci ildə azərbaycanlı arxeoloq İsa bəy Əzimbəyov onu yarıdağılmış vəziyyətdə araşdırmışdı. Bir müddət sonra bu Tanrı evinin qalıqları da ermənilər tərəfindən acımadan yerlə yeksan edildi.
İrəvan qalasının içərisində Rəcəb Paşa (1725) və Abbas Mirzə (XVIII əsrin başlanğıcı) məscidləri də var idi. Ruslar İrəvanı işğal etdikdən sonra Rəcəb Paşa camesi dağıdılaraq yerinə rus pravoslav kilsəsi inşa olundu. Abbas Mirzə məscidi isə tamamilə məhv edildi. Qala xaricində, İrəvanın Şəhər adlanan hissəsində Zalxan (Şəhər), Novruzəli xan, Hüseynəli xan (Göy məscid), Xoca Cəfər bəy və Məhəmməd Sərtibxan məscidləri yüksəlirdi. Son 3 məscid dağıdılaraq yox edilmiş, Zalxan məscidi isə İkinci dünya müharibəsindən sonra rəsm və sərgi salonuna çevrilmişdir.
Bu gün İrəvanda yalnız Göy məscid adı ilə tanınan Hüseynəli xan məscidi türk-islam dövrünün şahidi olaraq öz varlığını qoruyur. Göy Məscid geniş həyəti (71x47 metr), ibadət yerləri, günbəzləri mavi çinilərlə bəzədilmiş tək minarəsi ilə dəyərli bir abidədir. Ancaq yaşlı irəvanlıların sözlərinə görə, came 4 minarəsi ilə möhtəşəm bir abidə olaraq xatırlanmaqdadır. Camenin 3 minarəsi İkinci dünya müharibəsindən sonra dağıdılmışdır.
Bepul matn qismi tugad.