Kitobni o'qish: «Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim»
Sevimli atam Sem Şerin xatirəsinə. O, həyatımızı işıqlandırırdı.
Təşəkkürlər
Mənim əlyazmamı oxumaq və tənqidi təhlil etməyə çoxlu vaxt sərf etmiş insanlara təşəkkür edirəm. Siz çoxsunuz və mən hər birinizi ayrıca qeyd edə bilmirəm, amma sizin köməyinizi nə qədər qiymətləndirdiyimi bilirsiniz və bu mətnə necə təsir etmiş olduğunuzu özünüz görəcəksiniz. Dörd nəfərə – gözəl yazıçılar Susan Brauser və Julie Schonfeld-ə (habelə yaxşı həyatın nə olduğunu Julie-yə danışmış atasına – mən girişdə ona iqtibas edirəm). Judith Riven əlyazmasının hər sətrini diqqətlə nəzərdən keçirib və mənə böyük kömək edib. Dördüncü şəxs mənim gözəl anam Nettie Sher-dir. Bu mətn onu sehrləmişdi: oxuyub qurtarandan sonra mənə baxmış və demişdi: «Çox təəssüf ki, mənim sənin kimi daha bir qızım yoxdur».
Kris Dahl və Leslie Schnur – agent və redaktor, mənim səmadan enmiş qoruyucu mələklərimdir. Onlara gözəl birgə iş təcrübəsinə görə təşəkkür edir, uzun və xoşbəxt həyat arzulayıram.
Hər şeydən artıq isə həmişə öz həyatlarına meydan oxumağa və onu istədikləri kimi etməyə cəsarət tapan müştərilərimə təşəkkür edirəm. Onlar neçə illərdir ki, məni ilhamlandırır və özləri ilə işləməyə icazə verməklə həyatımı xoşuma gələn edirlər.
B.Sher.
Jane və Elaine, eləcə də Maura Walker-ə minnətdarlıqla, Stella Smith-in xatirəsinə.
B.Smith.
Ön söz
Həyatda nə etmək istədiyini bilməmək ciddi işdir. Məqsədi olmamaq xoş deyil. «Xəyala dalmağın ziyanı yoxdur» adlı birinci kitabımda arzuladığınızı əldə etməyi qələbə adlandırır, addım-addım ona doğru gedib, ən istəkli arzularınızın gerçəkləşəcəyi həyatı qurmağınızı təsvir edirəm. Lakin artıq uzun illərdir ki, oxucular mənə «Kitabınız çox xoşuma gəlir, amma ondan istifadə edə bilmirəm, çünki məqsədim yoxdur. Mən sadəcə nə istədiyimi bilmirəm» sözləri ilə müraciət edirdilər.
Bu mənə maraqlı gəldi. Mən bu adamların probleminin nədən ibarət olduğunu aydınlaşdırmağa qərar verdim və öz istəklərini müəyyən edə bilməyənlərlə görüşməyə başladım. Onlar mənə öz tarixçələrini danışır, mən suallar verirdim və tezliklə aydın olurdu ki, müştərilərin hamısı, özlərinin də xəbərlərinin olmadığı daxili mübarizədə ilişib qalıblar.
Onların heç vaxt ağlına gəlməyib ki, ürəklərinin dərinliklərində nə istədiklərini bilirlər, sadəcə onların istəkləri daxili münaqişələri ilə pərdələnib. Onlar problemdən xəbər tutandan sonra bərk təəccüblənir və dərin rahatlıq hissi əldə edirdilər. Onlara yalnız bu münaqişələri çözmək üçün plan işləyib-hazırlamaq qalırdı ki, bunu da etmək çətin deyildi. İnsanlar sanki oyanır və bir-iki görüşdən sonra hərəkətə başlayırdılar!
Bu qəribə idi. Ona görə də bütün kəşf və strategiyalarımızı bir kitabda toplamaq qərarına gəldim ki, hamı onlardan istifadə edə bilsin. İndi həmin kitab sizin əlinizdədir.
Siz nə istədiyinizi anlamadığınız üçün sevdiyiniz işlə məşğul olmur və arzularınızın arxasınca getmirsiniz? Sizi əmin edirəm ki, tək deyilsiniz. Problem geniş yayılıb, amma onun həlli də mövcuddur. Bu səhifələrdəki təsvirlərdə özünüzü tanıyan kimi növbəti səhifələrdə dərhal sizə kömək edəcək üsulları görəcəksiniz. Sizə xas olan xüsusiyyətlərə bir deyil, bir neçə fəsildə rast gəlsəniz təəccüblənməyin. Hamısını oxuyun. Bizim əksəriyyətimiz mürəkkəb, çoxtərəfli məxluqlarıq və sizin üçün yol açacaq tapşırıq istənilən fəsildə ola bilər.
Kitab üzərində iş maraqlı və ibrətamiz, bəzən ağır təəssürat yaradan, amma əsasən əyləncəli olacaqdır. Bəzən daxilimizdə nə baş verdiyini anlamaq asan olmur, amma bu alınanda sizi böyük enerji artımı və nəhəng mükafat gözləyir.
Nə istədiyinizi bilsəniz ona çatmaq üçün hər şeyi etməyi bacararsınız.
İndi, bu istəyinizi aydınlaşdırmağa başlayırsınız.
Giriş
Bu kitabın məqsədi həyatınızı yaxşılaşdırmağa yardım etməkdir. Mən yaxşı həyatdan danışanda hovuzları, malikanələri və şəxsi təyyarələri nəzərdə tutmuram, əlbəttə, siz məhz onlar haqqında xəyala dalmırsınızsa. Amma «Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim. Əslində nə istədiyini necə anlamalı və ona necə nail olmalı» adlı kitabla maraqlanan oxucunu narahat edən güman ki, hovuz deyil.
Siz öz həyatınızı həqiqi məhəbbətlə sevmək istəyirsiniz.
Rəfiqəmin atası bunun nə olduğunu çox yaxşı izah etmişdi: «Yaxşı həyat ona deyirlər ki, səhər yuxudan oyanırsan və səbirsizliklə hər şeyi yenidən başlamaq istəyirsən».
Sizin halınız məhz belədir? Yoxsa yaxşı həyat haqqında belə təsəvvürləri əlçatmaz cənnət idealı hesab edirsiniz? Səhərlər, yeni başlayan günə sevinmək üçün, çarpayınızdan sıçrayaraq qalxmırsınızsa, dəqiq deyə bilərəm ki, özünüzü rəfiqəmin atası kimi hiss etməyə imkan verə biləcək məqsədi ciddi cəhdlə axtarırsınız. Siz enerji verən və ruh yüksəkliyi yaradan işə düzəlmək üçün yanırsınız. Öz izinizi qoya biləcəyiniz yeri tapmağı ehtirasla arzulayırsınız. Albert Şveyser öz yerini tapdı. Qolda Meir və səhərdən axşama qədər gitarasını dınqıldadan qonşu oğlan da.
Belə adamlar yaşamağı bacarırlar. Onlar öz işlərinə bütün varlıqları ilə inanırlar. Onlar bilirlər ki, işləri vacibdir.
Öz təyinatlarını tapmış adamların yanında olanda onların simasında məqsədyönlülük görürsünüz.
Həyat məqsədsiz yaşamaq üçün çox qısadır.
Harvard universitetindən olan iki psixoloq 1980-ci illərin əvvəllərində özlərini xoşbəxt hesab edən insanları tədqiq edirdilər. Onlarda ümumi olan şey nə idi? Pul? Uğur? Sağlamlıq? Sevgi?
Heç biri.
Onları cəmi iki şey birləşdirirdi: onlar nə istədiklərini dəqiq bilir və hiss edirdilər ki, məqsədlərinə doğru hərəkət edirlər.
Yaxşı həyat buna deyirlər: sizin məqsədiniz var və siz birbaşa sevginizin obyektinə doğru gedirsiniz.
Bəli, mən məhz sevgidən danışıram.
Bacarıq və vərdişlərdən yox. Hansı bacarıqlarınızın olması mənim üçün mühüm deyil. Bilirsiniz mən ərsiz, iki uşaqla tək qalmış ana olanda nələri bacarırdım? Evi iblisanə bir cəldliklə yığışdırmağı; qucağımda camaşırxanadan götürdüyüm yataq ağları ilə dolu torba və körpələrim avtobusa vaxtında çatmağı; dollardan mümkün olan hər şeyi çıxarmaq üçün onu elə sıxmağı ki, Corc Vaşinqtonun portreti dil açıb aman istəsin.
Sağ olun, amma bu bacarıqların lazım ola biləcəyi karyera məni təmin etmir.
Mən inanmıram ki, yaxşı həyatı sizin etməyi bacardıqlarınız təmin edəcək. Mühüm olanı etmək istədiyinizi etməyinizdir. Üstəlik hesab edirəm ki, bacardıqlarınız sizin əsil istedadınızı əks etdirmir. Hamımız bizə məmnunluq gətirməyən şeyləri etməyi çox yaxşı bacarırıq. Hamımızın da heç istifadə etmədiyimiz bacarıqlarımız var.
Həyatınızın yönünü seçərkən öz bacarıqlarınıza arxalanmağı ağlınıza belə gətirməyin. Məhz buna görə sizə nə ilə məşğul olacağınızı müəyyən etmək üçün şəxsi keyfiyyətləriniz və bacarıqlarınızı yoxlayacaq testlər verməyəcəm.
Mən bilirəm siz nə ilə məşğul olmalısınız.
Nəyi sevirsinizsə onunla.
Siz sevdiyiniz şeydə istedadlısınız. Öz bacarıqlarınızı inkişaf etdirmək üçün hər hansı işlə lazım gələn qədər məşğul olmaq üçün güc və enerjini sizə yalnız sevgi verəcək. Görkəmli nailiyyətlər ancaq belə əldə edilir – sizin və ya mənim kimi adi adamlar nə istədiklərini bilirlər və özlərini bütünlüklə bu işə həsr edirlər.
Nə istədiyinizi bilməyəndə heç hərəkətə başlaya da bilmirsiniz, bu isə adamı kökdən salır. Amma tək siz belə deyilsiniz. Bu yaxınlarda aparılmış tədqiqatlar göstərir ki, amerikalıların 98 faizi işindən razı deyil. Lakin onları işdə saxlayan təkcə maliyyə məsələsi deyil, onlar sadəcə bu işin yerinə nə ilə məşğul olacaqlarını bilmirlər. Ola bilsin ki, siz bu halı yalnız özünüzə aid qarabasma hesab edirsiniz, amma bu, tamamilə adi bir şeydir.
İstənilən halda, sizin üçün sürprizim var.
Əslində siz nə istədiyinizi bilirsiniz.
Bunu hər bir adam bilir. Ona görə də yolunuzu tapana qədər rahat ola bilmirsiniz. Siz hansısa konkret iş üçün nəzərdə tutulduğunuzu hiss edirsiniz. Siz haqlısınız. Eynşteynə fiziki nəzəriyyələr yaratmaq zəruri idi, Harriet Tabmen insanları azadlığa aparmalı idi, siz isə özünüzün unikal məqsədinizə doğru getməlisiniz. Vartan Qriqoryanın dediyi kimi: «Kainatda, bəşəriyyətin bütün tarixi boyu, heç vaxt ikinci sizin kimisi olmayacaq». Hər birimiz unikalıq. Hər bir inşanın dünyaya təkraredilməz baxışı var və bu orijinallıq həmişə özünü ifadə etmək istəyir.
Lakin çoxlarını nəsə dayandırır. Həyatımızı dəyişmək, estafet çubuğunu götürüb yarışa qoşulmaq istəyəndə həmişə nəsə baş verir. Hansısa anlaşılmaz səbəb üzündən bizim qətiyyətimiz əriyib gedir. Biz estafet çubuğuna baxır və düşünürük: «Yox, bu mənimki deyil». Vaxtın keçdiyindən narahat olaraq və «özümüzünkünü» heç vaxt tapa bilməyəcəyimizdən həyəcanlanaraq onu kənara qoyuruq.
Bunun iki səbəbi var.
Birincisi nə istədiyimizi anlamaq çox çətindir, çünki seçim üçün variantlar çoxdur. Bu, həmişə belə olmayıb. Bizim valideynlərin və onların valideynlərinin imkanları daha məhdud, məqsədləri daha aydın olub. Həyatımızın işini axtarmaqda malik olduğumuz buğunkü sərbəstliyimizə görə mədəniyyətimizin uğurlarına borcluyuq.
Azadlıq gözəldir. Lakin həm də əziyyətlidir, çünki bizdən qarşımıza öz məqsədlərimizi qoymağı tələb edir.
Müharibə zamanı daha az adamın depressiyadan əziyyət çəkdiyini bilirsiniz? Belə dövrlərdə hər şey əhəmiyyətlidir. Siz hər gün nə edəcəyinizi dəqiq bilirsiniz. Sağ qalmaq uğrunda mübarizə, təhlükəyə baxmayaraq, sizə istiqamət və enerji verir. Siz dəyərinizin nə olduğu və ya həyatda nə ilə məşğul olmağa dəyəcəyini fikirləşməyə vaxt sərf etmirsiniz. Siz sadəcə sağ qalmağa, evinizi qorumağa, qonşulara kömək etməyə çalışırsınız. Ölüm təhlükəsiylə üzləşmiş adamlar haqqında filmlər xoşumuza gəlir, çünki qəhrəmanın hər bir addımı mənaya malikdir.
Məqsədləri diqtə edən fövqəladə vəziyyət olmadıqda isə, mühüm məqsədləri yaratmaq lazım gəlir. Arzun varsa bunu etmək mümkündür, lakin bu yöndə təcrübəmiz azdır.
İkincisi, daxilimizdə nəsə istəyimizi dərk etməyə mane olur. Hansısa daxili münaqişə onları görməyə imkan vermir. Onun məğzini müəyyən etmək o qədər də asan məsələ deyil. Çox vaxt o özümüzü qınamaq pərdəsi altında gizlənir: «Bəlkə mənim heç bir istedadım yoxdur. Bəlkə mən sadəcə tənbələm. Ağıllı olsaydım həyatda daha çox şeyə nail olardım».
Bu qınaqlardan heç biri doğru deyil.
Bu kitabın birinci məqsədi daxili münaqişənizə işıq salmaqdır ki, onun konturlarını aydın görəsiniz. Sizə nəyin mane olduğunu müəyyən edən kimi, niyə həyatınızı istədiyiniz kimi qura bilmədiyinizi anlayacaqsınız. Özünüzü qınamağı buraxacaqsınız. Fəaliyyətsizliyinizin səbəbi olduğunu dərk edəcəksiniz.
Bizim düşüncəmizdə bir yığın ibtidai ittiham xurafatları mövcuddur: «Əgər nəyisə doğrudan da çox istəyirsənsə ona nail olacaqsan». Və ya «Əgər özün-özünə hərəkət etməyə mane olursansa, deməli xarakterin zəifdir». Heç kim göz qabağında olan sualı vermir: «İnsan özü özünə niyə mane olmalıdır ki?» Bu suala cavab tapmaq üçün öyrənməyə həvəs lazımdır, başqalarını mühakimə etməyə meylli olan adamlarda isə bu, heç vaxt çatışmır.
Biz növbəti fəsillərdə bu günahkarlıq hissinin qarşısını almağı, onu vicdanlı və qərəzsiz maraqla əvəz etməyi öyrənəcəyik. Mən səmimi marağa dərin hörmət bəsləyir, insanın haqlı olduğuna özündənrazı inam hissinə isə hörmət etmirəm. Siz «hər şeyin bir səbəbi var» prinsipini tətbiq edəcəksinizsə faydalı, bizə kömək edəcək cavablar alacaqsınız. Təbii ki, hara getməyin lazım olduğunu bilməməyinizin də bir səbəbi var. Bu kitab onu tapmağa yardım edəcəkdir.
İndilik isə sadəcə yadınızda saxlayın ki, bu kitabı açana qədər etdikləriniz nə tənbəlliklə, nə səfehliklə, nə də qorxaqlıqla izah edilə bilməz. Öz üzərinizdə işləmək barədə proqramların əksəriyyəti, hətta kifayət qədər faydalıları belə, çox vaxt belə bir fərziyyə üzərində qurulur ki, arzu etdiyinizə nail ola bilməməyinizin səbəbi düzgün təfəkkür tərzi işləyib-hazırlamamağınızdır. Onlar sizi ittiham edir və əvvəlcə bunu düzəltməyi nəzərdə tuturlar.
Daha bunları yaddan çıxarın.
Həyatınızın həqiqətən xoşunuza gəlməsi üçün daha yaxşı olmaq və ya şəraitə münasibətinizi dəyişmək lazım deyil. Siz artıq kifayət qədər yaxşısınız. Ən ağıllısı isə istədiyinizi öz üzərinizdə çalışmağa başlamazdan qabaq almaqdır. Düzgün yola çıxanda «yanlış» təfəkkür tərzinin ecazkar surətdə necə dəyişdiyini görəcəksiniz.
Mən sizi başqa adama çevrilməyinizi tələb edən proqrama cəlb etmək fikrində deyiləm. Həyat o qədər də sadə deyil və biz arzularımızı gerçəklik kimi qələmə verməklə heç nəyə nail ola bilməyəcəyik. Eləcə də hesab edirəm ki, problemi pozitiv təfəkkür tərzi ilə həll etmək mümkün deyil. Fikirlərinizi süni surətdə dəyişməyi və özünüzü olmayan hissləri keçirən kimi göstərməyi tələb edən sistem uzunmüddətli perspektivdə kifayət qədər dayanıqlı deyildir. Vizuallaşdırmanın (təsəvvür etmənin) da öz hüdudları var. Mən vizullaşdırmanı bacarmayan və hətta sevdikləri şeyi təsəvvürlərində canlandırandan sonra da güclü daxili münaqişə yaşayan çoxlu adamlar tanıyıram. Bəli, «öz gerçəkliyini yaratmaq» təklifi çox şey vəd edən kimi görünür, lakin medalın əks üzü də var: işlər gözlədiyiniz kimi getməsə bu özünüzü ittiham etmək üçün bəhanə olacaq. Bu düzgün deyil. Siz taleyinizə görə təklikdə məsuliyyət daşıya biləcək qədər qüdrət sahibi deyilsiniz – buna ehtiyac da yoxdur.
Lakin nə istədiyinizi niyə bilmədiyinizi anlamaq zəruridir. Tam dürüst izah tapılan kimi, nəhayət buna bir əncam çəkmək olacaq.
Kitabın ikinci məqsədi bunu necə etməyi göstərməkdir. Hər bir fəsildə hər dəfə tələb olunanda, istər indi, istər gələcəkdə, daxili mübarizəni kəsməyə yardım edəcək alətlər və strategiyalar var.
Birinci üç fəsil bütün oxucular üçün nəzərdə tutulub. Onlar sizin daxili münaqişənizə işıq salacaq və siz onun konturlarını görəcəksiniz. Problemin ümumi görünüşü aydın olan kimi, siz məhz sizə uyğun gələn fəaliyyət strategiyasının təklif edildiyi fəsilə keçə biləcəksiniz.
Daxili münaqişənin nədən ibarət olduğunu anlamaq o qədər də çətin deyil, çünki qulaq asmağı öyrəndikdən sonra hiss edəcəksiniz ki, o kifayət qədər hay-küylə gəlir. Bir tərəf istədiyini almağa çalışır, digər tərəf isə sizi dayandırmaq qərarında qətidir. Daha güclü səsə diqqətlə qulaq asmaq qalır: bu sizi kömək ola biləcək strategiyalara gətirəcək.
Sizin səsiniz «Sevdiyin işlə məşğul olmaq üçün indiki iş yerindən çıxmaq lazımdır, mən isə bunu edə bilmərəm, çünki ac qalaram» deyirsə, macəralardan qaçmağın çox riskli olduğunu öyrənəcəyiniz 4-cü fəsli oxumaq lazımdır.
Səs «Hər dəfə arzuladığımı almağa çalışanda bilmirəm nəyə görəsə onu atıram» deyirsə, uğur qazanmaq qorxusundan bəhs edən 5-ci fəsli nəzərdən keçirin.
Ola bilər ki, siz «O qədər çox şey istəyirəm ki, heç vaxt seçim edə bilməyəcəm» sözlərini eşidirsiniz. 6-cı fəsildə istədiyiniz hər şeyə necə nail olmaqdan bəhs edilir. (Bu fəsil həm də diqqətinizi bir məsələ üzərində cəmləməyi öyrədəcək, əlbəttə ürəyinizdə bu bacarığa yiyələnməyi istəyirsinizsə).
Sizi uğurlu hesab edirlər, siz sürətli karyera edirsiniz, amma yenə narazısınızsa, daxili səs də «Uğurdan necə imtina etmək olar? Belə etsəm nəyin hesabına yaşayacağam?» soruşursa 7-ci fəslə müraciət edərək öz imkan-larınızı yenidən nəzərdən keçirin.
Sanki nə istədiyinizi bilirsinizsə, amma daxili səs «Belə mənasız şeyi istəmək olmaz» fikrində təkid edirsə sizə 8-ci fəsil uyğun gələcək. Ola bilsin ki, problemin mənbəyi «sizin tayfanızda» – ailənizdə, dostlarınızda, adətlərinizdə gizlənib, istədiyiniz şey sizə öyrədilənlərlə ziddiyətə girir.
Məktəbi, universiteti və ya tədris proqramını təzəcə bitirmisinizsə və səs «Mən seçməyə qorxuram – birdən tələyə düşərəm!» deyirsə 9-cu fəslə müraciət edin. O sizə uyğun olmayan yerdə necə ilişib qalmamağı və yaşamağa başlamağı göstərəcək.
İndicə böyük dəyişikliklər yaşamışsınızsa, məsələn təqaüdə çıxmışsınız, övladlarınızı müstəqil həyata buraxmısınızsa, sizə 10-cu fəsil kömək edəcək. Ola bilsin ki, bu halda sizin səsiniz «Mənim gələcək üçün baş planım yoxdur» deyir.
«Hərəkət etməyin nə mənası var? Mən onsuz da məyus olacağam. Heç nə keçmişdə malik olduğum və indi itirdiyimlə müqayisəyə gələ bilməz» sözlərini eşidirsinizsə, ən qiymətli arzuların itirilməsi nəzərdən keçirilən 11-ci fəslə baxın. Həyatın hələ də mənalı olduğunu görəcəksiniz.
Səs deyirsə ki, «Mən demək olar hər şeyi sınaqdan keçirmişəm, heç biri mənə uyğun gəlmir», onda 12-ci fəsli oxuyun. Bəlkə sizin istəmək qabiliyyətiniz sadəcə «sınıb».
Səs «Mən istədiyimi etmədiyim üçün günahkar deyiləm, çünki bir dəqiqə də boş vaxtım olmur» deyirsə, 13-cü fəsildən mühafizəkarlığa qarşı edilən qiyam barəsində öyrənməniz lazımdır.
Daxilinizdə «Mən nəyəsə nail olmağa çalışıram, amma düzünü desəm nəyə görəsə bu iş ürəyimə yatmır» səslənirsə, düşdüyünüz vəziyyət göründüyü qədər də sirli deyil. 14-cü fəslə baxın, bəlkə də ciddi-cəhdlə imtina etməyə çalışdığınız şeyi etmək istədiyinizi görəcəksiniz.
Daxili səsinizin nə dediyini hələlik tuta bilmirsinizsə, narahat olmayın. 3-cü fəslin sonuna siz onu eşidəcəksiniz. Buna təminat verirəm.
Öz yolunuzu tapmağa başlayan kimi geniş miqyaslı tarixi dəyişikliklərin ön cəbhəsinə çıxacaqsınız. Müasir sənaye cəmiyyətində, xoşuna gəlsə də, gəlməsə də, demək olar ki, hamı hansı işi və həyatı istədiyini aydınlaşdırmalı olur. Tez və ya gec bütün adamlar (yaşından asılı olmayaraq) özlərindən soruşurlar: «Mən nə etmək istəyirəm?»
Tələbələrin ən az müqavimət yolu ilə getdikləri, deyək ki, bankda karyera etdikləri və ya təhsillərini hüquq fakültəsində davam etdirdikləri və bununla da bütün həyatı üçün karyerasını planlaşdırdıqlarını hesab etdikləri zamanlar tarixdə qalıb. Tədqiqat şirkətlərindən birinin məlumatlarına görə ali təhsil müəssisələrinin keçənilki məzunları özünün peşə həyatı ərzində beş müxtəlif sahədə ondan onikiyə qədər iş yeri dəyişə bilərlər. Xoşunuza gəlsə də, gəlməsə də hamının ikinci karyerası olacağı gözlənilir. Bəlkə üçüncüsü də. Bəlkə də daha çox.
Korporasiyalar əməkdaşlarının sayını ixtisar etməyi davam etdirirlər, özü də təkcə bu yaxınlarda olmuş böhranlar səbəbindən yox: biz iqtisadiyyat tarixinin yeni mərhələsinə qədəm qoyuruq. Qlobal rəqabət şirkətləri daha kompakt və səmərəli qurumlara çevrilməyə məcbur edir. onlar ölçülərinin üçdə ikisi qədər kiçilirlər və güman ki, artıq heç vaxt böyüməyəcəklər. Orta qovşağın rəhbərləri lazımsız olurlar. katibləri texnologiyalar əvəz edir. hər bir kollec və ya biznes məktəbin ən yaxşı iyirmi tələbəsi hələ iş sahiblərindən yaxşı təkliflər ala bilirlər, qalanları isə özü öz hayına qalmalıdır.
İşin gedişi aydındır: biz ekspert-məsləhətçilər və sahibkarlar millətinə çevriləcəyik. Çoxları evdə işləyəcək və konkret layihələrə görə qabiliyyətlərinə uyğun zəhmət haqqı alacaqlar.
Bəs bu dəyişikliklər dövründə kim özünü əla göstərəcəkdir? Sevdiyi işi öz taxçasına, öz firavan yaşamaq taxçasına çevirməyə hazır olanlar. Öz istedadlarımızı müəyyən etmək zərurəti indiyə qədər heç vaxt bu qədər böyük olmamışdı.
Beləliklə, yolunuz açıq olsun! Gəlin nə istədiyinizi niyə bilmədiyinizi müəyyən edək. Sonra isə buna bir əncam çəkməyə çalışaq.
Fəsil 1. Sizdən nə gözləyirdilər?
Siz öz həyatınızla nə etməlisiniz? Maraqlı sualdır, elə deyil? Axı nə etmək istədiyini anlamayanda belə, çox vaxt, səndən nə gözlədiklərini bilirsən.
Məndən ərə gedəcəyimi, valideynlərimlə qonşuluqda olan bir evdə məskunlaşacağımı, uşaqlarıma tərbiyə verəcəyimi və təsərrüfatımı aparacağımı gözləyirdilər.
Deyəsən soruşduğum adamların hamısının bu suala cavabı var:
«Mətbəədə atamla birlikdə işləyəcəyimi gözləyirdilər».
«Mən ata-babadan maliyyəçi olan adama ərə getməli və dənizin sahilindəki malikanəmizdə beş vunderkind uşağı böyütməli idim».
«Atam istəyirdi ki, ya Uoll-stritdəki vəkil şirkətinin şəriki, ya bank prezidenti, ya da korporasiya rəhbəri, yəni böyük bir vəzifə sahibi olum».
«Qardaşlarımdan daha uğurlu olmayacağım nəzərdə tutulurdu».
«Məndən indiyə qədər də nə olduğunu başa düşmədiyim xüsusi bir şey edəcəyimi gözləyirdilər».
Hər birimizin daxilində lal göstərişlər – başqalarının gözləntiləri yaşayır. Onlar haqqında ucadan danışmamaq, onlara qarşı qiyam qaldırmaq, onlara riayət etməmək olar. Lakin onlar həmişə xatirimizdədir. Bu gözləntilər həyatımıza güclü təsir göstərir.
Bəs sizdə vəziyyət necədir? Sizin təyinatınız nə olub? Bəlkə siz əvvəlcədən rəssam olacağını bilən Pikasso kimi xoşbəxtlərdənsiniz. Lal gözləntilər qiymətli məsləhət də ola bilər, sınıq kompas da.
Bu, doğrudan da sınıq kompasdırsa və siz öz təyinatınızdan uzaqlarda dolaşırsınızsa, bu dünyanın Pikassolarının xoşbəxt və məşğul həyatını müşahidə etmək bəzən çox ağır olur. Mənim bəxtim niyə belə gətirməyib? – fikirləşirsiniz.
Bizim hamımızın tərbiyə aldığımız ailə, cəmiyyət, hətta bütöv mədəniyyətlər öz gözləntilərini sel kimi üstümüzə tökürlər. Bəzən bu gözləntilər reklam lövhəsi kimi bağırır: «Evlən. Pul qazan. Ev al». Bəzən isə üstüörtülü, gizli-gizli içərimizə girir və orada qalırlar. Heç vaxt gün işığına çıxmırlar ki, onları yaxşı-yaxşı nəzərdən keçirə, ya ata, ya da açıq-aşkar qəbul edə bilək.
Biz həyatımızla nə etməli olduğumuz haqqında göstərişləri nə vaxt və necə aldığımızı çox vaxt unuduruq, çəngəllə yeməyi və ya yatağa çiş etməməyi nə vaxt öyrəndiyimizi unutduğumuz kimi. Amma bunun nə vaxt baş verməsindən asılı olmayaraq, onlar bizimlə qalır və biz, adətən, fikirləşmədən onlara reaksiya veririk. Bəziləri göstərişlərə qulaq asır, bəziləri etiraz edirlər, amma hamı reaksiya verir.
Bir anlıq öz həyatınız və məqsədləriniz barədə duşunün. Sizdən gözlənildiyi kimi yaşayırsınız?
Məndən istəyirdilər ki, valideynlərimlə qonşuluqda yaşayım və eyni zamanda da günlərini dəbdəbəli səyahət və təhlükəli intriqalara sərf edən beynəlxalq casus-jurnalist olum. Asan plan deyil. Birincisi, onu yerinə yetirmək mümkün deyil. İkincisi, bunu heç istəmirdim də. Mən macəraları evdən çıxmaq istəməyən qadınla müqayisədə qat-qat çox, casusla müqayisədə isə qat-qat az sevirəm.
Mən də, sizin kimi, doğru və doğru olmayan haqqındakı təsəvvürlərlə əhatə olunduğum dünyada anadan olmuşdum və düzgün hərəkət etməyi istəyirdim. Məndən gözlənənləri həyata keçirmək qeyri-mümkün olsa da, illər boyu onları bir-bir beynimdən keçirir, onlara uyğun olmaq üçün üsullar axtarırdım.
Bəzən bizim mənimsədiyimiz təsəvvürlər bir-birinə zidd olur və bizə uyğun gəlmir. Lakin onlar bizim doğulduğumuz dünyanın bir hissəsidir. Onlar dərinə nüfuz edir. Onlar bizə təsir göstərir. Valideynlər övladlarına təzyiq etməməyi ürəkdən istəsələr də, bu baş verir. Uşaqlar təsir altına düşməyə meylidirlər. Onlar tez, bəzən isə möcüzəli şəkildə öyrənirlər. Biz, uşaq olanda, deyilməyənləri belə duyuruq.
Hər bir belə xəbər, istər açıq, istər pərdələnmiş olsun, beynimizə düşür. O, bütün ömrümüz boyu orada qalıb xoşbəxtliyimizə mane ola bilər. Məsələn, siz sanki nə istədiyinizi bilirsiniz, işiniz sizin üçün maraqlıdır, bu işdə uğur qazanırsınız, amma hansısa hiss israr edir ki, başqa şeylə məşğul olmalısınız.
Aparteidə qarşı mübarizənin qızğın çağlarında Cənubi Afrikanın qaynar yerlərindən reportajlar aparan və öz işinə pərəstiş edən 29 yaşlı jurnalist Cek M. mənə deyirdi: «Mən həkim olmalıydım. Jurnalistlik, nəyə görəsə, mənə layiq peşə hesab edilmirdi».
Uoll-stritdə əla pul qazanan, subay, 36 yaşlı Benita B. danışırdı ki, «uğur qazanmış bir adama ərə gedəcəyim, amma onlardan biri olmayacağım nəzərdə tutulurdu».
Bu isə məşhur romanın müəllifi, 47 yaşlı Syuzən K.nın sözləridir: «Fikirləşirəm ki, mən intellektual qadın yox, gözqamaşdıran gözəlçə olmalıydım. Mən isə yaxşı görünməyə çalışmıram da, belə ki, qarşınızda uğursuzun birini görürsünüz».
Bu gözləntilərin Cek, Benita və Syuzənə necə ziyan vurduqları açıq-aşkardır. Təəssüf ki, bu növ gözləntilərin sizə verdiyi ziyanı görmək o qədər də asan deyil.
Vəziyyətinizi təhlil etməyə yardım göstərəcək üsul təklif edirəm. Özünüzə sadə bir sual verməyə çalışın:
Bunu kim demişdi?
Km demişdi ki, siz etdiyiniz işi etməməlisiniz? Bir halda ki, başlamışıq, məhz bunu etməli olduğunuzu kim demişdi?
Sizi konkret cavab verməyə çağırıram. Başqalarının gözləntilərinin qoyduğu məhdudiyyətdən azad olmaq və istədiyinizlə məşğul olmağa başlamaq istəyirsinizsə, bu gözləntilərin sizə necə gəlib çatdığını və onları kimlərin qoyduğunu maksimal dəqiq müəyyən etməlisiniz.
Bizim sinif yoldaşlarımız, qonşularımız, ola bilsin müəllim və ya məşqçimiz – bütün bu adamlar daxilimizə hansısa ideyalar qoyublar. Lakin ən erkən və sarsılmaz gözləntiləri biz əsasən ailədən götürürük. Siz insanların əksəriyyəti kimisinizsə, qohumlarınızın istəkləri bu gün də şüurunuzun dərinliklərində o qədər təkidlə səslənir ki, onlara cavab verərək kəsilməz daxili monoloq aparırsınız. Belə düşünürsünüz: «Sizə belə də lazımdır! Aldınız?!» Yaxud: «Bu onları sevindirəcək». Və ya: «Ax yəqin ki, etdiklərim onların heç xoşuna gəlmir. Zəng vurub danışmaq lazımdır». Ailənin istəkləri bizim, pis və ya yaxşı olsun, bütün məşğuliyyətimizə məna verir. Bu istəklərin vecimizə olmadığını düşünsək belə.
Beləliklə, sizin ailədə vəziyyət necə idi? Qohumlarınızın gözləntilərini hansı yolla öyrənirdiniz?
Bəlkə sizdən nə istədiklərini birbaşa deyirdilər?
«Sən həkim olacaqsan. Ailəmizdə hamı həkimdir».
«Sən mühasib təhsili almalı və ailə şirkətinə gəlməlisən. Biz sənin kollecdə təhsil almaq pulunu qazanana qədər belimiz əyilib, belə ki, indi sən bizə borclusan».
Ola bilsin gözləntilər bu qədər birbaşa olmayıb. Bəlkə sizə gələcəkdə nəyi etməli olmadığınızı tam konkret danışıblar?
Con L. siyasətçi karyerasını arzulayırdı, amma dövlətin biznesə müdaxiləsindən daim şikayətlənən atası siyasətçilərə nifrət edirdi. «Konqresmenlər – Conun atası deyirdi, – sizi, içalatınızla birlikdə, qəpik-quruşa satarlar».
Kerol C. aktrisa olmaq istəyirdi. Ondörd yaşını qeyd etdikləri şam yeməyi zamanı öz arzusu barəsində danışanda ailənin yekdil cavabı belə olmuşdu: «Bu işdə sən uğur qazana bilməyəcəksən. Bu, heç kimdə alınmır. Bunu yadından çıxart».
Bəlkə evdəkilər heç nəyi birbaşa demir, amma gözləntilərini başqa adamları müzakirə edəndə dəqiq müəyyən edirdilər:
«Billin arvadı ondan çox maaş alır – rüsvayçılıqdır.» (Oğlansınızsa, deməli gələcəkdə yaxşı qazanmalısınız, qızsınızsa bunu etməsəniz yaxşıdır.)
«Smitlərin oğlu o qədər böyük ümidlər verirdi ki, amma indi… xırda işlərlə məşğuldur. Consların oğlu isə qoçaqdır, daşınmaz əmlak alveri edir, «mersedesdə» gəzir. Özü də vur-tut iyirmi yeddi yaşı var!» (Necə oğul olmalı olduğunuz tamamilə aydındır.)
Ya da sizin ailə ümumiyyətlə heç nə demirdi. Siz müzakirəyə çıxarılmayan səssiz gözləntilər alırdınız.
Sadəcə «nəticə çıxarırdınız».
Valideynlərin çoxu «Nəylə istəyirsən məşğul ol, təki xoşbəxt ol» deyir. Onlar doğrudan da bunu nəzərdə tuturlarsa, deməli sizin ailəniz ailələrin mindən biridir və mən sizə qibtə edirəm. Başqalarından fərqli olaraq siz həyatınızın işini axtara bilər və daxili münaqişələrdən əzab çəkmədən ondan ləzzət ala bilərsiniz. (Əgər ailənizin min ailədən biri olduğuna əmin deyilsinizsə, onlara xoşbəxt striptizçi olduğunuzu və ya tibb institutunu sevinclə atdığınızı deməyə çalışın. O dəqiqə hər şeyi anlayacaqsınız.)
Yaxşı, ailənin gözləntiləri ilə bağlı küləyin hansı tərəfdən əsdiyini aydınlaşdırdıqdan sonra, gəlin qohum-larınıza bir daha diqqətlə baxaq, amma başqa nəzər nöqtəsindən. Onlar sizdən nə istəyirdilər?
Çalışma 1. Məndən istəyirdilər ki…
Ağ vərəq götürün, ailənizin bütün üzvlərinin və sizə yaxın olan adamların adlarını yazın. Yəni uşaqlıqda və yeniyetməlikdə sizin üçün mühüm olmuş adamların – müəllimlərin, məşqçilərin, qonşuların, əmi-, dayıuşaqlarının, özünüzdən böyük dostlarınızın adlarını sadalayın.
Hər bir adın altından bu adamın sizin üçün hansı həyatı arzuladığını yazın. Öz ailəniz varsa, məzə üçün indiki ailə üzvlərinin də arzu və istəklərini siyahıya əlavə etmək olar.
Bu adamlar sizdən nə istəyirlər və ya nə istəyirdilər?
Çox fikirləşmək lazım deyil. Başınıza birinci gələn cavabı yazın. Onların rəylərini tam dəqiq bildiyinizə əmin deyilsinizsə, onların rəyi hesab etdiklərinizi qeyd edin, çünki sizin daxili səsinizə məhz bunlar təsir edir. Düzgün anlamadığınız gözləntilər sizə düz başa düşdüklərinizdən az təsir etməyib.
Bu adamların sizdən nə istədiyi haqqında düşünün.
Yaxşı, indi isə cavablara baxın.
Güman ki, sizin siyahınız belə olacaq:
YAXINLARIM İSTƏYİRDİLƏR Kİ, MƏN…
ANAM: qayğıkeş və nüfuzlu insan, həm də vəkil olum.
ATAM: cəsur olum, qalib gəlməyə can atım və investisiya bankiri olum.
BENNİ: əsil qəhrəman olum.
KAREN: gözəgörünməz olum və özümə xüsusi diqqət cəlb etməyim.
NƏNƏM: daim onun yanında olum.
Bəzən bu siyahı, C.Corcla olduğu kimi, çox müxtəlif şeyləri anlamağa kömək edir. Onun siyahısı belə idi:
ATAM: demək olar ki, mənimlə söhbət etmirdi, amma operanı sevirdi. Ona görə də, belə nəticəyə gəldim ki, özümü hansısa yolla opera ilə bağlamağım lazımdır. Opera müğənnisi ilə evləndim və nəhayət o məni qəbul etdi. Arvadımla bir-birimizə uyğun gəlmirdik və ikimiz də bədbəxt idik. O məndən ayrılmaq istəyirdi, amma mən onu buraxmaqdan möhkəm qorxurdum. Əvvəllər bu şeylər arasında heç bir əlaqə görmürdüm.
ANAM: həmişə evdə sülh şəraitini saxlamağa çalışırdı. Atam hirslənir və susurdu, anam isə istəyirdi ki, hər şey sakit və yaxşı təəssüratı bağışlasın. Yəqin mən də həyatımın dinc və yaxşı təəssürat bağışlamalı olduğu nəticəsinə buradan gəlmişdim. Ona görə də mən, xoşuma gəlməsə də, «normal» işə – korporasiyaya düzəldim. Nəticədə mənim dinc həyatım var. Əsl bataqlıq kimi.
Siyahınızı yaxşıca öyrənsəniz maraqlı şeylərə rast gələcəksiniz. İnsanların əksəriyyətinə oxşayırsınızsa, bu gözləntilərin necə müəmmalı dönüş etdiyini, onların çox olduğu və bəzilərinin bir-biri ilə tam ziddiyyət təşkil etdiyini görəcəksiniz. Məndən evdə oturacağımı, eyni zamanda da casus olub bütün dünyanı təyyarə ilə gəzəcəyimi gözlədikləri yadınızdıdır? Bəlkə də ailə üzvlərinin hər biri sizdən fərqli şeylər gözləyirmiş. Bəzilərinin istədiyi şeylərin bir-biri ilə heç cür uyğun gəlmədiyi, sizin də bunlara necə nail olmağı heç vaxt anlaya bilmədiyiniz də istisna deyil.
Lyuis M.-in anası deyirdi ki, qızının populyar və məşhur olmasını arzu edir, amma qızı yeniyetmə olanda ona yalvarırdı ki, ətrafdakıların diqqətini cəlb etməkdən çəkinsin. İnsan diqqəti cəlb etmədən necə məşhur ola bilər?
Billi R.-də bir-birinə zidd göstərişlər alırdı: «Mən öz ailəmi qurmalı, eyni zamanda da bütün ömrüm boyu öz valideynlərimlə qalmalı idim». Maraqlıdır, görəsən Billi öz ailə yuvasını harada qurmalı idi? Valideynlərinin qonaq otağında?
Bu gözləntilər bizi yerinə yetirilməsi əvvəlcədən mümkün olmayan vəziyyətə qoyur, əl-qolumuzu bağlayır. Bizə qadağan edilmiş, edilməsi mümkün olmayan və ya qabiliyyətimiz çatmayan bütün işləri eyni zamanda görməyi təklif edirlər. Nəticədə bizim şüurumuz əsas məsələdən – unikal istedadlarımızı inkişaf etdirməkdən yayındırılır. Uşaqlıqda bizim qarşımızda iki ciddi məsələ dayanır. Biz başqalarının bizdən nə istədiyini və özümüzün nə istədiyimizi aydınlaşdırmalıyıq. Birinci məsələ ikincini yerinə yetirməyə imkan verməyəndə biz özümüzü itiririk.
Həyatdan nə istədiyimizi anlamağın çətin olması təəccüblü deyil.
Bilirsinizmi, ailələrimiz bizi var gücləri ilə sevirlər. Lakin onlara uşaqlara qulaq asmağı yox, tərbiyə verməyi öyrədiblər. Yaxınlarımız bizə qulaq asmırlarsa, arzularımız haqqında, bunlara hörmət etmələri bir yana dursun, çətin ki nəsə öyrənə bilsinlər. Bizi isə olduğumuz edən məhz arzularımızdır.
Əslində yoldan keçən istənilən adamın bizim istəklərimizə hörmətlə yanaşması ailəmizin belə yanaşmaşından daha asandır. İnanmırsınızsa müqayisəli test keçirin. Tanımadığınız bir cəmiyyətdə olanda, ağlınıza gələn ən qəribə ideyanı onlarla bölüşün. Məsələn, deyin ki, Himalay dağlarında dalmatin itlərini bəsləmək istəyirsiniz, amma Tibetdə tanışlarınız yoxdur. Müsahiblərinizin marağının necə alovlandığını görəcəksiniz. Onlar hətta sizin probleminizi həll etməyə də çalışacaqlar.
Maraq göstərmək hörmətin ən səmimi formasıdır.
Siz bir-birinizə yad insanlarsınız, lakin zaman-zaman biz hamımız kiminsə ideyalarının sehri altına düşürük. İstənilən yeni təşəbbüs maraq yaradır – insanın təbiəti belədir. Əlbəttə başqa cür reaksiya vermək üçün şəxsi səbəbimiz yoxdursa. Bizim qohumlarımızın bir yığın belə səbəbləri var, yad adamların isə qavrama qabiliyyəti hələ də itidir. Ola bilsin ki, iyirmi adamdan biri, bu və ya başqa səbəbdən, mənfi reaksiya verəcək, amma qalan ondoqquzu səsinizə səs verəcək. Məsələn belə: «Maraqlı ideyadır! Mənim əmim oğlu da it bəsləyir!» və ya «Mənim qonşum Nepalda olub! Onunla danışmaq istəyirsiniz?»
İndi isə testi başa vurmaq üçün evinizi gedin və buna bənzər bir fantaziyanı ailənizə danışın. Məsələn: «Mən beynəlxalq kompüter korporasiyasının prezidenti vəzifəsindən gedirəm və Rod-Aylendin sahillərində dəniz ilbizi ovuyla məşğul olacağam».
Ya da: «Mən daha dəniz ilbizi tutmaqla məşğul olmayacağam və Beynəlxalq kompüter korporasiyasına başçılıq etməyə hazırlaşıram».
Qohumlarınız necə reaksiya verdilər? Çəngəllərini masanın üstünə qoyub sizi bu «ağılsızlığı» etməməyə dilə tutdular? Bəlkə bunu çəngəllərini masanın üstünə qoymadan etdilər?
Güman ki, «Dayanın, – deyəcəksiniz, – bu nədir, yenə də ailəyə hücum edirsiniz? Kifayətdir, elə bunsuz da canım boğazımdadır. Mənim ailəm heç də başqalarınkından pis olmayıb və onsuz da hər şey artıq keçmişdə qalıb». Bilirsinizmi, mən sizin ailənin başqalarınkından pis olmadığına inanıram. Nə qədər acığımız gəlsə də, bir vaxt qohumlarımızı bağışlamalı və vəziyyətə yeni nəzər nöqtəsindən baxmalı olacağıq – yoxsa irəli getmək, azad və tam olmaq mümkün deyil.
Lakin bağışlamaq asan başa gəlmir. Keçmişi axıra qədər aydınlaşdırmadan bağışlamağın qiyməti ağırdır: biz başımıza gələnlərə görə özümüzü günahkar saymağa başlayırıq. Lakin özünüzü yeyib-tökməklə məşğul ola-ola arzunuza bir santimetr də yaxınlaşa bilməzsiniz. Özünüzü təqsirləndirməyi dayandırmaq, mətanət göstərib «ailəyə hücum» şübhələrini kənara atmaq və başqalarının gözləntiləri ilə bağlı problemin mənbəyini hesablayıb-tapmaq lazımdır. Yaxşı fikirləşsəniz problemin çoxdan mövcud olduğunu anlayacaqsınız, bu isə onun toxumlarının uşaqlıq dövründə səpildiyi deməkdir.
Sizi sevən ailəniz sizə necə ziyan vura bilər? Təəssüf ki, çox asanlıqla. Təkcə sevginin hər şeyə kifayət etdiyini fərz etməklə bir şeyi yaddan çıxarırıq: sevgi və hörmət eyni şey deyil.
Sevgi qovuşmaqdır. Körpə vaxtı siz valideyinlərinizə məxsus olursunuz, siz onların davamısınız və qovuşma kiçik uşaqların sağ qalmasına yardım edir. Hörmət etmək isə ayrılma, sərhəd qoymadır: siz özünüzə məxsussunuz, heç kimə qoşma deyilsiniz. Belə bölünmə böyük adamın xoşbəxt həyatı üçün tamamilə zəruridir.
Ailənizin gözləntiləri siyahısına bir daha diqqətlə baxın. Bu yönləndirmələr sizin beyninizdə qalıb, elə deyil? Bəs bu siyahıda, nəyin bahasına olursa-olsun, özünüzün unikal potensialınızı gerçəkləşdirmək gözləntisi haradadır? Sizin özünüzə məxsus unikal «mən»inizi nəyin bahasına olur-olsun axtarmalı olduğunuz fikrində israr edən olmuşdu? Çox az adam öz siyahısında belə bəndi görə bilər. Ailə üzvləri bizi nə qədər möhkəm sevsələr də, çox nadir hallarda «Biz sənə hörmət edir və inanırıq: sən unikalsan və həyatda öz təyinatını tapmaq istəyirsən. Get və onu tap. Biz sənə kömək edəcəyik» deyirlər.
Valideynlərin öz arzuları var və onlar diqqətlərini sizin yox özlərinin arzularında cəmləyiblər. Onların beynində uğurlu oğul və təmin edilmiş gözəl qızlarının – ətrafdakıların qarşısında fəxr edə biləcəkləri, həyatda yaxşı mövqeyə malik olacaq övladlarının formalaşmış təsəvvürləri artıq mövcuddur. Uşaq üçün ən ağıllı işin onun öz yolunu tapması və həmin yolla getməsi olduğunu anlamağa kömək edən ruhi tarazlıq kimi bir zinət valideynlərin az hissəsinə qismət olur.
Ailənin göstərişləri əsasında yaşamaq daim, kiminsə toyu üçün sifariş edilmiş, gəlin rəfiqəsi donunda gəzməyə bənzəyir. Özgəsinin arzuları nadir hallarda uyğun gəlir, öz arzunuz isə xüsusi olaraq sizin üçün tikilmiş geyim kimidir. Ona görə də bu arzu üçün hər cür ciddi cəhdlər etməyə dəyər.
Amma hələ istədiyiniz kimi yaşamırsınızsa və uyğun olmayan işlərlə məşğul olursunuzsa, «niyə» sualına cavab tapmaq üçün vaxt itirməyə dəyməz. Özünüzü təqsirləndirməyin.
Ailə göstərişlərinin mexanizmi dönüb sizə tərəf hərəkət edibsə, bunda sizin günahınız yoxdur. Biz uşaq vaxtı qohumlarımızın gözləntilərini mənimsəyib onlara reaksiya verməklə, gələcək həyatımız haqqında mühüm qərarlar çox tələsik qəbul etmişik. Sonra isə bu qərarları uşaqlıqdan böyüklük həyatımıza gətirmişik, amma onlar bu həyat üçün həmişə yaramır. Bu, hətta, həyat yoldaşının uğursuz seçilməsinə və dağıdıcı davranış tərzinə də səbəb ola bilər.
Çox tez hirslənən ərindən bu yaxınlarda boşanmış qadın tanıyıram. O mənə bunları deyirdi: «Belə səfehliyi edə bildiyimə təəccüblənirəm. Axı mən işin nə ilə qurtaracağını bilməliydim. Atam özünü qızmış buğa kimi aparırdı! Mən də buna nifrət edirdim! Necə oldu ki, mən özüm də belə bir adama ərə getdim?»
Elə beləcə, sağ qalmaq üçün.
Uşaq vaxtı bu qadın, atası təbdən çıxmasın deyə, «özünü yaxşı aparmağı» öyrənib və özünə ər axtaranda da onda ən yaxşı inkişaf etmiş vərdişin bu olduğu ortaya çıxıb. Təbii ki, qadın da onu tətbiq edəcəyi şəraiti axtarıb-tapıb.
Mark uşaqlıqdan əks göstərişləri mənimsəyib. Ailəsi onu bu dəli-divanə dünyada hər kəsin ancaq öz qayğısına qaldığı fikrinə kökləyib. Beş qardaşın dördüncüsü olan Mark təpik altında qalmamaq üçün hər şeydən ötrü mübarizə aparmalı olub. Nəticədə onu iki yaxşı işdən azad ediblər, çünki münaqişəli vəziyyətə düşən kimi öz üzərində nəzarəti itirir və qışqırmağa başlayırmış.
«Mən niyə özümü saxlaya bilmirəm? – deyə o soruşurdu. – Mən bu uşaq vərdişindən azad olmağa çalısı-ram, amma sözlər bir göz qırpımında ağzımdan havaya uçur».
Mark özünü bu ailə və mədəniyyət göstərişləri yoxmuş kimi aparsa, onlardan heç vaxt canını qurtara bilməyəcək. Biz də bunu edə bilməyəcəyik. Yeni həyatı planlaşdırarkən onları yaddan çıxarmaq olmaz, çünki istəsəniz də, istəməsəniz də onlar sizin baqajınızda olacaq. Mən aşağıda köhnə göstərişləri söndürmək yolunu göstərəcəyəm ki, onlar sizin qəlbinizin pıçıltılarını batırmasınlar.
Siz ruhunuzu tərpədən işlə məşğul olmalısınız.
Bu, ən əməlisi olacaq.
Sevdiyiniz işlə – uşaq böyütmək, təyyarə layihələndirmək və ya üzməklə məşğulsunuzsa, bununla uzun müddət keyfiyyətlə etməyi bacaracaqsınız (uzun müddət etmək isə uğurun ən mühüm amilidir).
Bundan başqa, yalnız özünüzün çaldığınız havaya oynayanda, meyllərin dəyişdiyi zaman üstünlük qazanmış olursunuz. 1990-cı illərin əvvəllərində ABŞ-da hüquqşünasların və biznes-məktəbi müdavimlərinin əksəriyyəti işlərini itirdilər. Onların böyük bir hissəsinin əvvəldən başqa işlə məşğul olmaq istədiyindən xəbəriniz var? Onların böyük bir hissəsinin öz peşəsini hüquqşünaslara sabitlik və rifahın sığortalanmış olduğunu hesab edən valideynlərinin təsiri altında seçdiyini bilirsiniz? Ola bilsin ki, bu adamlar biznesmen, teatr agenti və ya sərbəst peşə sahibi olsaydılar daha böyük sabitlik və təminata nail olardılar.
Mən növbəti fəsildə arzularınızı, onların nədən ibarət olduğunu bilmirsinizsə belə, həyata keçirməyə başlamağın yolunu göstərəcəyəm. Lakin əvvəlcə kiminsə gözləntilərini doğrultmadığınız kimi xoşagəlməz hissdən qurtulmaq üçün öz dərmanınızı hazırlamağınızı istəyirəm.
Çalışma 2. Onların mümkünsüz görünən arzusu
Ailənizin sizdən istədiyi hər şeyi həyata keçirmiş adamın portretini yaradın. Vicdanla çalışın. Nəticənin maraqlı alınması üçün jurnallardan kəsdiyiniz şəkillərdən istifadə edin, sonra isə portreti divardan, yaxşı görünən yerdən asın.
Və bütün gözləntiləri təcəssüm etdirən «kamil» uşağı seyr edin.
«İstəyirdilər ki, mən ağıllı, amma təcrübəsiz olum, varlı olum, amma kasıb atamdan daha varlı olmayım, anamın bişirdikləri ilə yaxşı bəslənmiş, amma Frenk dayı kimi infarkt qazanmamaq üçün kök olmayım», – Co gülə-gülə deyirdi.
Anita dizayner geyimində olan işgüzar qadının fotosunu kəsib ona cəmiyyətdən uzaqlaşmış rahibənin ləçəklə örtülmüş başının fotosunu yapışdırmış, alınan bu şəkli Afrika kəndinin fonuna yerləşdirmişdi. Sonra isə bir addım geriyə çəkilərək demişdi: «Hə, indi hamı məmnun olacaq».
Etiraf edin ki, bu mümkün deyil. Onların istədiklərini etmək mümkün deyil. Belə ki, şəkli görünən bir yerdə yaddaş üçün saxlayın və irəli hərəkət edin.
Sizin istədiyinizi etmək mümkündür.
Fəsil 2. Necə uğurlu olmalı
Öz işini ehtirasla sevən və özünə ideal taxça tapmış birisini görəndə adama elə gəlir ki, dünya ədalətsizdir. Onların bəxti niyə belə gətirib?
Ən azı bir səbəbini deyə bilərəm. Onlar fəaliyyətə başlamış və dayanmamışlar.
Sizin uğurunuz hərəkət etməyə hazır olmağınızdan asılıdır.
Müəyyən istəkləriniz yoxdursa siz, güman ki, ilişib qaldığınızı düşünürsünüz. Bizim hamımız əvvəlcə şəraiti öyrənmək, sonra hərəkətə keçməyə meylliyik, lakin nə istədiklərini bilməyənlər üçün fəaliyyət son dərəcə zəruridir.
Bunun dörd səbəbini göstərə bilərəm.
1. Fəaliyyət fikirləşməyə kömək edir
Siz gerçək həyat vəziyyətlərinə dalanda və onları öz təcrübənizdə yaşayanda, yerinizdə oturub, bütün nəzəri amilləri götür-qoy edəndəkindən daha aydın düşünməyə başlayırsınız. Hətta düzgün istiqamətdə olmayan fəaliyyət də sizə müəyyən məlumat verir.
2. Fəaliyyət özünüzə verdiyiniz qiyməti artırır
Çox vaxt fəaliyyətsizlik təkcə qətiyyətsizliklə deyil, həm də qorxu ilə izah olunur. Lakin hər dəfə bir iş görmək istəyərkən qorxu hiss edəndə, amma bu qorxuya üstün gələndə sizin özünüzə verdiyiniz qiymət bir neçə bənd yüksəlir. Qorxu hiss edəndə belə irəli getməklə özünüzə nəhəng xidmət göstərmiş olursunuz. Qarşınızda qapını örtsələr, məktubunuza laqeyd yanaşsalar və üstünüzə qışqırsalar, yəni təsəvvür etdiyinizin ən pisi baş versə belə, bunun heç bir əhəmiyyəti yoxdur. Siz hər dəfə qorxunu məğlub edəndə artıq uğur qazanmış olursunuz. Hiss olunan uğur. Siz coşqunluq və ya qətiyyət hiss edirsiniz. Bu, istənilən halda məstedici hissdir.
Lakin hər dəfə fəaliyyətsizliklə özünüzü pis vəziyyətə qoyanda, özünüzə verdiyiniz qiymət bir neçə bənd aşağı düşür. Döyüş ruhunuz da həmçinin.
Başlanğıcda mən sosial işçi təhsili alırdım ki, keçmiş narkomanlara xüsusi şəhər layihəsi çərçivəsində kömək edim. Biz qrup terapiyasındakı kimi komandalarda işləyir, asılılıqdan həqiqətən də qurtulmuş adamlar üçün yeni həyat qurmağa çalışırdıq. Lakin onlardan heç birinin gerçək həyatda uğur qazanmağa lazım olan səriştələri yox idi. Onlar özlərini «keçmiş narkomanlardan» başqa bir şey hesab etmirdilər.
Lakin bu adamların özlərinə verdikləri qiymətin hansısa bir yolla, zəruri səriştəni qazanıb iş tapmaq üçün yetəcək dərəcədə, artacağını gözləməyə vaxtı yox idi. Ona görə də biz «özünü elə aparmalı, sanki» adlandırdığımız prinsipdən istifadə etdik. Özünüzə hörmət edirmiş kimi geyinin (hətta bu belə olmasa da). Düzəlmək istədiyiniz işə layiqmişsiniz kimi hərəkət edin. Birinci dərəcəli əməkdaşmışsınız kimi işləyin.
Bu səmərəli oldu. Çünki insan özünə yüksək qiyməti fəaliyyətə qədər yox, ondan sonra verir.
Bir müddətdən sonra bu cəsur insanlar əvvəllər heç vaxt etmədiklərini etməyə – tanış olmağa, nitq söyləməyə, komandalarda işləməyə başladılar. Onlar belə tez öyrənməyi necə bacardılar?
«Əvvəl et, necə etməyi sonra öyrənərsən», – onlardan biri demişdi.
Bunu mənim təcrübəm də təsdiq edir. Fəaliyyət özünə verdiyin qiyməti müsbət özünətəlqindən daha səmərəli artırır. Özünüzü yaxşı adam olduğunuza inandırmaqla, uzunmüddətli təsirə nail olmayacaqsınız. Ən azı məndə belədir. Mən güzgüyə nə qədər gözəl olduğumu danışmağa başlayıramsa, artıq ikinci gün o mənə şübhə ilə baxır və sanki deyir: «Sən kimi aldatmaq istəyirsən?» Təbliğat faydalı olsa belə mənim şüurum onu xoşlamır.
«Sanki» hərəkətlər istənilən fikirdən daha yaxşı kömək edir, çünki bir şey edəndə, uğur qazanmasanız belə, özünüzlə fəxr edirsiniz.
Çox vaxt velosiped sürmək, xarici ölkəyə səyahət etmək və ya sevgi ilə məşğul olmağa hazırlaşanda, yəni bizə böyük məmnuniyyət gətirən bir iş görəndə, onu acizlik və utancaqlıqla başlayırıq. Qaçılmaz narahatlıqlara dözə bilməyə hazır olub-olmadığımız həyatımızın gedişinə başqa amillərdən daha artıq təsir göstərir. Yeniyetməliyinizi yadınıza salın. Bu, heç bir şeylə müqayisə edilməyəcək əsl özünümüdafiə kursudur. Bu yaşda hər bir xətadan sonra yuvaya çəkilmək, yuvanın ağzını da daşla hörmək istəyirsən. Biz mümkün pərtliklərdən taundan qaçaq kimi qaçırıq. Qızla görüşə getməyə başlayanda özünüzü necə naqolay hiss etdiyiniz yadınızdadır? Buna baxmayaraq bu işi başladığınıza şad deyilsiniz? Əgər narhatlıqlardan qaçmaqda uğurların böyükdürsə, yaşamağa ümumiyyətlə başlamaya bilərsən.
Dostum Pit on yaşı olanda atçılıq idmanı dərsləri almağa başlamışdı. Səkkiz yaşında qızın yəhərdə ondan yaxşı oturduğunu görəndə atdan düşmüş və bir daha yəhərə oturmamışdı. Boş şeydir? Xeyr. «Bütün həyatımı məhz belə yaşayırdım», – Pit bildirmişdi. Yaşanmamış həyat əsl cəhənnəmdir.
Mən hər mühazirə turundan əvvəl narahatlıq hiss edirəm. Bir neçə ay mühazirəsiz yaşayandan sonra buna adət edir və evdə oturmaq, itlə gəzişmək, bublik almaq və mətnlər yazmağı davam etdirmək istəyirəm. Seminarın vaxtı gələndə isə gərginləşməyə başlayıram. Mən qışqırır və dayanmadan şikayətlənirəm – marker axtarmaq, paltarımı hazırlamaq, erkən təyyarədə uçmaq və kalqotka geyinmək istəmirəm.
Lakin hər dəfə auditoriyanın qarşısında dayananda böyük məmnunluq hiss edir və bunu etməli olduğuma sevinirəm. Mən mühazirələrin ləğvi haqqında heç vaxt düşünməmişəm və bu səbəbdən də özümü daha güclü hiss edirəm.
3. Uğuru hərəkət edən qazanır
Əks istiqamətdə hərəkət etsək görərik ki, mənim məsləhətçi, mühazirəçi və müəllif olmağım elə-belə, öz-özünə baş verib. Mən ölkənin obiri başına, keçmiş oğlan dostuma zəng etmişdim ki, özümün bədbəxt həyatımdan şikayətlənim. O mənə, ona kömək etmiş, əla terapevtik qruplar haqqında danışdı. Mən qrupa daxil oldum, məsələlərin öhdəsindən gəlməyim psixoloqun xoşuna gəldi və o məni öz yanında işləməyə dəvət etdi. Bütün bunlar məni məftunu olduğum indiki həyatıma gətirdi. Bir sıra üst-üstə düşmə və xoşbəxt təsadüflər. Biz həyatmızdakı ən yaxşı reseptləri məhz belə – tamamilə təsadüfən tapır və ən yaxşı adamlarla məhz bu yolla tanış oluruq.
Mən planlaşdırmaya inanıram, amma, sözün düzü, planların tərtib edilməsi daha çox elmi-fantastikadır. Hər bir plan ümidverici öngörüdən başqa bir şey deyil. Hətta biznes-planlar belə uydurma nağıllara bənzəyir: «Yeni rəngin sayəsində biz birinci il 50000, ikinci il 150000, üçüncü il isə 500000 ədəd satmağa ümid edirik. Ona görə də bizə iki milyon dollarlıq kredit lazımdır».
Əla nağıldır, elə deyil? Lakin məhz belə nağılların sayəsində insanlar bank krediti alırlar, özü də nağılçı nə qədər yaxşıdırsa, məbləğ də o qədər böyük olur!
Bəlkə də planlaşdırmanın əsas mənası ondadır ki, plan səni böyük dünyaya çıxmağa vadar edir. Siz kitabxanaya gedib lazım olan məqalələri axtarsanız, müxtəlif adamlara zəng etməyə, təşkilatlara üzv olmağa, görüşlərə getməyə başlasanız, nəsə baş verə bilər.
Sınayın. Qarşınıza məqsəd, nə məqsəd olur-olsun, qoyun və ona nail olmaq üçün ağlınıza nə gəlirsə hamısını etməyə başlayın. Təminat verirəm ki, həyatınız dəyişəcək. Bəlkə də əvvəlcədən arzu etdiyiniz yerə düşməyəcəksiniz, amma çox güman ki, əvvəlkindən daha yaxşı olacaqdır. Siz belə səyahəti əvvəlcədən planlaşdıra bilməzdiniz, çünki belə yerlərin olduğunu bilmirdiniz.
İcazə verin daha bir mülahizə söyləyim. Müxtəlif adamlara planlaşdırmanın müxtəlif növləri uyğun gəlir. Məqsəd qoymaqdan fərqli, üzdə olan daha bir üsul var və bu üsul da əla işləyir. Hər dəfə seçim etmək lazım olanda fikirləşin: «Bu məni arzuma yaxınlaşdıracaq, yoxsa ondan uzaqlaşdıracaq?» Həmişə sizi istəyinizə yaxınlaşdıranı seçin. Əgər yayda fermada işləyibişləməməyi fikirləşir, amma şəhər mühitinin planlaşdırıcısı olmaq istəyirsinizsə, özünüzə şəhərdə iş tapsanız yaxşıdır. Bunun adı «burnunun ardınca getməkdir» və belə yanaşma fikirləşdiyinizdən daha müdrikdir – burnunuz istədiyinizə tərəf yönəlibsə. Müxtəlif birliklərə üzv olun. Hamı ilə söhbət edin. Narahat olmayın, kifayət qədər məlumat toplayandan sonra diqqətinizi konkret işlərdə cəmləyəcəksiniz. Lakin necə plan qurursunuz-qurun anlaqlı qalın və istiqaməti öz duyğularınıza uyğun olaraq dəyişdirin. Qoy arzu sizin yol göstərən ulduzunuz olsun, onda ən cəsur planlarınız həyata keçəcək.
4. Hər birimizin içində bir heyvan gizlənib və onun əla instinktləri var
Bəzən istəklərimiz qəribə görünür və ya biz onların həyata keçirilməsinə gözləmədiyimiz bir vaxtda girişirik. Lakin düz yolda olduğunuzu hiss edirsinizsə, geri çəkilməyin. Heyvani instinktlərinizə inanın. Hansı sürətlə hərəkət etməli olduğumuzu, nə qədər dözə biləcəyimizi onlar müəyyən edir və bizə bəzən cəfəng görünən yollar təklif edirlər. Cessi ilə də məhz belə olmuşdu.
Çox sakit və utancaq Cessinin qırxbeşə yaxın yaşı var idi. O, Atlantada yaşayır və məşhur memar və yerli ulduz olan ərinin işlərini aparırdı. Ər daim müşavirələrə və əyləncə gecələrinə gedir, arvad isə bezikdirici kağız işləri ilə məşğul olurdu.
Cessi öz həyatını nə edəcəyini bilmirdi. O, tez-tez görüşüb bir-birinin arzularının həyata keçməsinə kömək göstərən, altı adamdan ibarət, özünəkömək qrupuna – Uğur komandasına daxil oldu. Cessinin komandası axtarışlarda ona kömək etmək üçün əlindən gələni edirdi, amma heç nə tapılmırdı.
– Bəlkə daha çox xoşuna gələcək bir iş axtarmağa dəyər? – onlar soruşurdular.
– Bilmirəm, – Cessi cavab verirdi, – nəyə görəsə bunu istəmirəm.
Aylar keçdi.
Bir dəfə Cessi qrupları toplanan otağa girib elan etdi:
– Mən it qoşqularının Bear-Qrizdə (Minnesotada şəhər) keçirilən qış yarışında iştirak etmək istəyirəm.
Komanda üzvləri karıxıb qaldılar.
– Sən əminsən
– Bəli, – Cessi dedi, – mən məhz bunu istəyirəm.
– İzah etməzsən, nə üçün?
– Bilmirəm.
– Sən yürüş idmanı haqqında təsəvvürlərə maliksən?
– Yox.
Bununla da suallar bitdi. Hamı Cessinin hansısa bir arzusunun əmələ gədiyinə çox şad oldu, ona görə də onun üçün məktəb, it qoşqusunun sürücüsü – nə olur olsun – axtarmağa başladılar. Onlar küçədə itlə gəzən adamlara müraciət edir, hər hansı məlumatlarının olubolmadığını soruşurdular. Nəhayət kimsə it qoşqusu sürücüləri üçün yay məşq düşərgəsi haqqında danışdı. Cessi isti bir yay günü oraya gəldi, məşqçiyə yanaşdı və dedi:
– Mən it qoşqusunu idarə etməyi öyrənmək istəyirəm.
Məşqçi düz yubka və rahat ayaqqabılar geymiş, qırxbeş yaşında kiçicik qadına baxdı və onun coşqunluğunu azaltmaq qərarına gəldi. O, itləri təkərli təlim kirşəsinə qoşdu və cilovu qadına verdi.
– Buyurun, sınayın. Görün xoşunuza gələcək?
Birdən itlərə komanda verdi, onlar irəli atıldılar. Cessi onlara güclə çatırdı. İlişirdi, sürüşürdü, üzü üstə yerə yıxılmaqdan özünü güclə saxlayırdı, amma bütün dövrə boyu itlərin yanından uzaqlaşmadı. Qurtarandan sonra nəfəsini dərib, məşqçiyə gülümsündü və dedi:
– Əladır!
Məşqçi güldü və onu öyrətməyə razı oldu.
Qış fəsli gəldi. Bear-Qrizə getmək vaxtı çatdı. Onda Cessinin yadına düşdü ki, orada heç bir tanışı yoxdur. Məşqçidən soruşanda ki, özünü təqdim edərkən onun adını verə bilərmi, məşqçi cavab verdi:
– Cessi, mən buna icazə verə bilmərəm. Sən hələ təzə-təzə öyrənirsən, mən isə öz nüfuzumu qorumalıyam.
Uğur komandası onu təyyarə meydanına apardı və uca, ruhlandırıcı qışqırıqlarla (və gizli qorxu ilə) yola saldı. Cessi Bear-Qrizə gələndə kiçik, praktik olaraq bir küçədən ibarət qar basmış şəhər gördü. Hər yerdə təcrübəli sürücülər öz itləri ilə birlikdə oturmuşdular. Cessi utancaqlığı ilə vuruşa-vuruşa onlara yaxınlaşır və köməkçi lazım olub-olmadığını soruşurdu. Nəhayət köməkçisi qripə yoluxmuş bir komanda onu götürdü.
Cessi it qoşqusuyla yüzaltmış kilometr yol keçdi. Yürüşdən sonra isə Uğur komandasına zəng etdi və onlar bu xəbəri böyük coşqu ilə qarşıladılar.
Cessi evə tam məmnun qayıtdı. Geniş gülümsəyərək bütün cəlbedici təfsilatları yoldaşlarına danışdı.
– Xoşbəxtlik bax budur, – komanda üzvlərindən biri bildirdi.
– Bəli, budur, – Cessi razılaşdı.
– Bəs indi nə edəcəksən? – yoldaşları soruşdular. – Məşqləri davam etdirəcəksən?
– Yox, mənə bəs elədi. Daha bununla məşğul olmaq istəmirəm.
Hamı sarsılmış halda susdu. Sonra kimsə sual verdi:
– Yaxşı, bəs indi nə etmək istəyirsən?
– İşdən çıxmaq.
Qrupda heç kimin ağlına da gəlmirdi ki, Cessi, çətin bir işin öhdəsindən gəlməyənə qədər, çəkdiyi zəhmətə dəyməyən işini buraxıb, böyük dünyaya çıxmağa hazır deyildi. Lakin onun daxilindəki «heyvan» bunu bilirdi.
İstəyə inanmaq olar.
Nə istədiyinizi düşünün və hansısa istəyiniz peyda olanda Cessi kimi hərəkət edin. Qoy onun nə dərəcədə əməli olduğu sizi narahat etməsin – fəaliyyətə başlayın. Ehtiraslı istəklərdə rasional izahlardan yüksəkdə duran əməlilik var. Arzu sənə düzgün istiqaməti hər hansı təlimat və ya xeyirxah məsləhətdən daha yaxşı göstərəcək.
İndi siz hərəkətin yalnız sevdiyi işlərlə məşğul olan qibtəyəlayiq insanlarda müşahidə etdiyiniz «uğuru» sizə niyə nəsib edəcəyinin dörd səbəbini bilirsiniz.
Hə, necəsiniz? Sizi hərəkət etməyə başlamağa inandıra bildim? Yoxsa, hələ də müəyyən müqavimət hiss edirsiniz?
Fəsil 3. Daxili müqavimət: sizi dayandıran nədir?
Nə istədiyinizi bilmirsinizsə, deməli bunu bilməyə nə isə mane olur. Mən buna əminəm. Siz hansısa daxili müqavimət səbəbindən əsl istəklərinizi aşkar etmək və onların ardınca getməkdən çəkinirsiniz. Pozitiv təfəkkür öz-özlüyündə heç vaxt bu gizli maneəni adlamağa kömək etməyəcək. Riyakarlıq edib hər şeyin qadasında olduğunu göstərməklə də heç nəyə nail olmayacaqsınız.
Mən bu daxili müqavimətin öhdəsindən necə gəlməyi başa düşməyiniz üçün onu izləyib aşkar eməyinizi istəyirəm.
Onu üzə çıxarmağın sadə və etibarlı üsulu var: sizi doğrudan da özünə cəlb edən məqsədə doğru hərəkət etməyə başlayın, müqavimət gizləndiyi yerdən çıxaraq sizi bu hərəkətdən çəkindirməyə, bu yoldakı maneələrin keçilməz olduğuna inandırmağa çalışacaq. Söz verirəm.
Sadəcə o dərəcədə cəlbedici müvəqqəti məqsəd tapmaq lazımdır ki, sizin müqavimətiniz bunu həqiqətən istədiyinizə inansın. Dərhal, elə indi, onun gerçəkləşdirilməsinə başlayın.
Mən sizə mümkün qədər tez hərəkətə başlamağın dörd ciddi səbəbini artıq demişəm: 1) bu, fikirləşməyə kömək edir; 2) bu özünüzə verdiyiniz qiyməti artırır; 3) lazımi məlumat və ya imkanlar şəklini alan uğuru cəlb edir; 4) instinktləri itiləyir.
Bu da beşinci, ən vacib səbəb: vəziyyətin çıxılmaz olduğu hissi yarananda belə, özünüzü məqsədinizə doğru getməyə məcbur etsəniz, sizi bu dalana itələyən daxili müqaviməti fəallaşdıracaq və üzə çıxaracaqsınız.
Heç bir təhlükə hiss etməyən müqavimət yuxulu vəziyyətdə olur. Lakin siz hərəkətə başlayan kimi, o, yuxudan oyanacaq və özünü ucadan bəyan edəcək: «Sən nə edirsən? Başını bəlaya salarsan. Bu sənin üçün deyil. Səfeh fikirdir. Buna sənin gücün çatmaz.»
Arzunun həyata keçirilməsinə daxili müqavimətin mane olduğunu necə anlamaq olar?
Fəaliyyətsizliyinizin mənası yoxdursa – bu belədir.
Məntiqlə fikirləşəndə anlayırsınız ki, müəyyən işi seçə, uyğun gəlməsə isə dəyişə bilərsiniz. İnsanların çoxu belə düşünür. Elə isə məsələ nədədir? Niyə hərəkət etməyə başlamırsınız? Yəqin ki, hansısa vacib səbəb var, yoxsa siz bu qədər uzun müddət, bu dərəcədə narahat vəziyyətdə ilişib qalmazdınız.
Mənim gələ bildiyim yeganə rasional nəticə bundan ibarətdir ki, siz bu yolda sizi hansısa təhlükə gözlədiyini hiss edirsiniz. Daxili müqavimət sizi qorumağa çalışır. Yerində donub qalmış istənilən heyvana fikir verin – qabağında təhlükə var. Bu o demək deyil ki, heyvanlar yaxşı məlumatlıdır və ya şəraiti nöqsansız qiymətləndirmək qabiliyyətinə malikdir, amma o, tam hərəkətsizliyi saxlayırsa, bunun həmişə inandırıcı bir səbəbi var. Eyni şey sizin üçün də doğrudur.
Siz «təhlükəli» istəyinizi həyata keçirmək üçün hərəkətə başlayan kimi daxili müqavimət özünü tam büruzə verəcək. O, təqsir, utanma, uyğunsuzluq və ya ümidsizlik hissləri yaradaraq yolu kəsməyə çalışacaq. «Bəs sənin yazıq anan necə olsun?» – müqavimət soruşacaq. Hər cür bəhanələrə əl atılacaq: «Çox uğurlu olacaqsan, ətrafdakılar sənə nifrət edəcəklər!», «Bəs sən hüquqşünas olacaqdın!», «Qardaşın deyirdi ki, sən səfehsən – haqlı imiş!»
Bizə də elə bu lazımdır.
Biz istəyirik ki, bu göstərişlər özünün əsil simasını açsın, çünki sən nə ilə üzləşdiyini dəqiq biləndə mübarizə strategiyası hazırlaya bilirsən.
Gəlin onları bayıra çıxaraq.
Biz, əvvəlcə, sanki mövzunu dəyişərək tamamilə başqa istiqamətə yollanacağıq. Mən sizə istiqamətləndirici suallar verəcəyəm.
Layiqli məşğuliyyət
«Bütün həyatınızın işi» ilə sadəcə «iş» arasında fərq nədir? Siz hər iki halda işləyirsiniz. Hər ikisi üçün pul ala bilərsiniz. Lakin əhəmiyyətli fərq də var və siz bunu bilirsiniz. İş hesabları ödəməyə imkan verir. İstisna deyil ki, onun başqa bir mənası yoxdur.
Amma həyatınızın işi onunla məşğul olmağa layiqdir. Bu, bir kəsilməz mənadır və onun pul gətirib-gətirmədiyi vacib deyil.
«Məna» çox uca sözdür və onu aydınlaşdırmaq «iş», hətta «həyatınızın işi» ifadələrinə nisbətən daha çətindir.
Necə bilirsiniz, sizin məşğuliyyətinizə məna verən nədir? İstəyirsiniz ki, o da Tereza ananın cüzamlılarla, ya da Eynşteynin nisbilik nəzəriyyəsi kimi əhəmiyyətli olsun? Siz dünyanı dağılmaqdan xilas etmək və ya dahi maarifləndirici əsər yaratmaq istəyirsiniz, yoxsa milyonlarla dollar qazanmaq? Mən zarafat etmirəm, tamamilə ciddiyəm. Əksəriyyətimiz hesab edirik ki, həyatımızın əsl işi nəhəng miqyasa malik olmalı, yaxud olimpiada medalı kimi bizi bütün dünyada tanıtdırmalıdır. «Mənaya malik iş» ifadəsini eşidərkən başınıza hansı fikirlərin gəldiyini anlamaq zəruridir.
Çalışma 1. «Mənalı iş»
Bir kağız vərəqi götürün və fikrinizcə mənalı məşğuliyyətin nədən ibarət olduğu barədə gücünüz çatan qədər yazın. İstəyirsinizsə həyatları sizə doğrudan da məna ilə dolu görünən adamların adlarını sadalayın və niyə belə hesab etdiyinizi izah edin. Bu özünüzü yaxşı tanımaq üçündür.
Hansı halda həyatınızın işini həqiqətən layiqli hesab etmək olar? Bu, ictimai rəy sorğusuna və ya kiminsə rəyinə görə başqa cürdürsə narahat olmayın. Burada səhv cavab mövcud deyil. Ona görə də hansı işin sizin üçün mənalı olduğu barəsində özünüzün bütün mülahizələrinizi mümkün qədər tez yazın.
İndi yazdığınızı oxuyun və onların aşağıdakılara bənzəyib-bənzəmədiyinə baxın:
«İşiniz dünyaya yaxşı bir şey gətirirsə onun mənası var. O, bu və ya başqa formada bəşəriyyətə kömək etməlidir».
«Səylərinizin mənalı olması üçün, güclü təəssürat yaratmağa nail olmağınız lazımdır. Uğurlu olmaq lazımdır. Hansı sahədə olur-olsun».
«Düşünürəm ki, işləri mənalı olan insanlar həmişə məqsədyönlü olurlar. Onlar, Kolumb və Nyuton kimi, nəyi isə kəşf etmək zərurətindən nə yemək bilirlər, nə yatmaq, ya da onlar, Bethoven kimi, daxili nəzərləri ilə möhtəşəm şeylər görürlər».
«Düşünürəm ki, dünyamızda özünü mümkün qədər yaxşı ifadə etmək – ailə qurmaq, ev tikmək, yaxşı işə düzəlmək, cəmiyyətin dayağı olmaq vacib hesab edilir».
Məna axtarışı ilə bağlı heç bir problemi olmadığını hesab edən və özlərini xoşbəxt hiss etmək üçün istənilən işdən həvəslə yapışacaq adamlardansınızsa, o qədər də əmin olmayın. Laqeyd olduğunuz işin girovuna çevriləcəyinizdən narahatsınızsa, deməli sizin məna ilə bağlı probleminiz yaranıb. Əmin edirəm ki, şüurunuzun dərinliyində belə bir fikir közərir: mən öz töhfəmi verməli, nüfuz qazanmalı, nəsə mühüm bir şey etməliyəm, yoxsa boş işlə məşğul oluram.
Amma aşağıdakı tarixçəni bu konsepsiya ilə necə uzlaşdıraq: «Kitab mağazasının 1890-cı illərin Amerika dövrü mətbuatı ilə tavanına qədər dolu anbarına girəndə, mənə elə gəldi ki, evdəyəm, hərçənd heç vaxt belə yerdə olmamışdım! Bilirəm, bu mağaza çoxlarına havayı da lazım deyil, lakin məndə belə bir hiss var ki, mənim təyinatım məhz burada işləməkdir».
Ola bilsin ki, tozlu jurnallar nə siz, nə də ümumilikdə dünya üçün xüsusi əhəmiyyətə malik deyil. Bunlar əhəmiyyətli bir şey, nə xərçəng xəstəliyinin dərmanı, nə də böyük nailiyyət deyillər, amma mərc gələrəm ki, siz də belə bir hissi keçirmək istəyərdiniz. Özü də, bilirsinizmi, bu mümkündür. Sizə «mənalı iş» haqqında təlqin edilmiş hər şeyi yaddan çıxarmaq və şəxsən sizin üçün nəyin mənalı olduğunu görmək lazımdır.
Həqiqi, özünüzə məxsus məna uşaqlığınızda olduğu qədər təmiz və unikaldır. Biz onun haradan alındığını bilmirik. Sanki sizin fərdiyyətiniz kimi, o da həmişə var. Onu yaratmaq yox, sadəcə kəşf etmək lazımdır. Şəxsi məna sizin dərində gizlədilmiş istedadlarınızı qalan dünya ilə bağlayır. Bağban və ya inşaatçı, kinorejissor və ya həkim – kim olmağınızdan asılı olmayaraq, «alnınıza yazılmış»ı edirsinizsə, öz ruhunuz və ətraf aləmlə vəhdət hiss edirsiniz. Bağban gözəlliyə xidmət etdiyini hiss edir və təbiətə sitayiş edir. İnşaatçı və rejissor dünyanı heyran edəcək əsərini yaratmaqla öz bacarıqlarını tətbiq edir. Həkim hiss edir ki, insanları sağaldanda özünün intellekt, bilik və səriştəsindən istifadə edir.
Sizə uyğun olan iş axtarmağın ilk addımı sevdiyiniz işlə layiqli iş – mənalı iş arasında bağlılığı görməkdir.
Çünki bunlar eyni şeydir.
Siz sadəcə əylənməklə xoşbəxt olmayacaqsınız. Uzunmüddətli tətilləri həyatınızın məqsədi seçməyi sizə məsləhət görmürəm. Hətta təqaüddə, istefaya çıxıb «qızılgülləri qoxulamaq» üçün imkan tapanda da təkcə həzz yox, həm də sizin üçün həqiqi məna daşıyan işlər axtarmağa dəyər. Hər hansı bir şey sizin üçün həqiqətən də vacibdirsə, onu həyatınıza daxil etmək zəruridir.
Hətta cənnətdə məskunlaşmış, zəngin və məşhur olsanız belə, həqiqətən vacib olan məşğuliyyətiniz yoxdursa boşluq hiss edəcəksiniz. Belə işiniz yoxdursa hər yer həbsxana kimi görünə bilər. Bu, hələ hamısı deyil.
Özünüzü bu qaydada birinci yerə qoymağı eqoistlik hesab edirsinizsə fikirləşin ki, sevdiyiniz işlə məşğul olanda, siz təkcə özünüzə deyil, bütün dünyaya töhfə verirsiniz! Pikasso kiməsə kömək etməyə çalışmırdı. Belə baxanda, elə nisbilik nəzəriyyəsi üzərində işləyən Eynşteyn də. Onlar sadəcə öz işlərini görmək istəyirdilər və görürdülər. Bu iş onlar üçün o qədər vacib idi ki, başlarından ata bilmirdilər. Onların səyləri çox şəxsi, özünəqapalı, hətta eqoistik idi, ən azı iş vaxtı onları heç kimin rifahı maraqlandırmırdı. Hətta dünyanı xilas edən kəslərin də hansısa şəxsi məqsədləri var. Onlar xəstələri sağaldarkən, planeti daha sağlam edərkən bu məqsədin ardınca gedirlər. Onlar sadəcə yaxşı adam olmağa çalışmır, öz ürəklərinin çağırışına qulaq asırlar. Şəxsi məmnuniyyətlə mənalı iş arasında seçim edilməli olduğu haqqında əfsanəni taxtdan salmaq vaxtıdır.
Birinə çatmaq üçün digəri zəruridir.
«Dahi» iş sevgi tələb edir. İşə olan sevgidə isə, adamlara sevgidə olduğu kimi, hissləri hesablamaq mümkün deyil. Dolğun və dəyərli həyat yaşamaq üçün ümumiyyətlə «düzgün» olanı yox, sizin üçün doğru olanı axtarmaq lazımdır. Uzaq perspektivdə bu sizin edə biləcəyiniz ən alicənab işdir. Sizi belə bir fikir isindirə bilər ki, dünya qarşısındakı borcunuz sevdiyiniz və sizdə ən yaxşı alınan işlə məşğul olmağınızdan ibarətdir. Məhz bunu etmək sizin hüququnuz, eyni zamanda da borcunuzdur. Siz məhz sevdiyiniz işlə məşğul olmağın nə olduğunu bilirsiniz? Mən müxtəlif adamlardan soruşmuş və belə cavablar almışam:
«Sevdiyin iş səni tam məşğul edir və sənin bacarıq-larından tam istifadə edir».
«Mən işimi sevirəm, çünki o, daim məni inkişaf etdirir və həmişə yeni bir şey gətirir».
«Saata baxmağı yadımdan çıxaranda anlayıram ki, işimi sevirəm».
«Mən bilirəm ki, bu, vicdanlı işdir. Vicdanlı və çətin. Yanğınsöndürən və ya fermerinki kimi».
«İşimi sevirəmsə o mənim öz işimə çevrilir. Mən onunla özüm üçün məşğul oluram. Bütün gücümlə işləmək üçün mən bunu hiss etməliyəm, zəhmət haqqımı başqasından alanda belə».
Belə iş sizə də mane olmazdı, elə deyil?
Siz onu əldə etməyə qadirsiniz. Bu səhifələrdə salınmış yol əvvəlcə dolayı görünə bilər, amma son nəticədə sizi sevdiyiniz işə gətirib çıxaracaq. Ona görə də təxəyyülünüzü qısmayın və tam gücünüzlə xəyala dalmağa hazırlaşın. İndi biz bir qədər şənlənəcəyik.
İş tap
Çalışma 2. Cənnət (və ya cəhənnəm) işi
Bəli, məhz «iş». Bu tapşırıq üçün qarşınıza mənaya malik «bütün həyatınızın işini» tapmaq kimi iddialı məsələ qoymağınız lazım deyil. Bu tapşırıq iki hissədən ibarətdir və hansı hissədən başlamağın fərqi yoxdur. Mümkündürsə A hissəsindən başlayın.
Hissə A. Sizin cənnət işiniz
Təxəyyülünüzə güc verin və dünyada özünüz üçün ən yaxşı işi düşünüb tapın. Neçə saat işləyəcəyinizi, nə edəcəyinizi, hansı şəraitin sizə daha uyğun gələcəyini müəyyən edin. Özünüzü gerçəklik və ya həyata keçənlik mülahizələri ilə məhdudlaşdırmayın, çünki Təxəyyül Zamanıdır. Yeganə məhdudiyyət odur ki, bu, həyat deyil, iş olmalıdır. Yəni sizin tapşırıqlarınız, iş gününüz və müəyyən zəhmət haqqınız olmalıdır. Qalan şeylərdə özünüzə məhdudiyyət qoymayın. Məsələn, həftə ərzində siz çobansınız, istirahət günlərində arxanızca helikopter gəlir və sizi təmtəraqlı spa mərkəzinə götürür. Qış tətillərində isə siz sənədli filmlər çəkirsiniz. Aşağıdakı vacib kateqoriyaları daxil etməyi yaddan çıxarmayın: nə, harada və kiminlə?
Gün ərzində nə edəcəksiniz? Çəkiliş meydançasında rupora qışqıracaq, velosiped sürəcək, nə üçünsə alver edəcək, nəyinsə dizaynını verəcək, ev tikəcək, fiqurlu konkisürmə ilə məşğul olacaq və ya kimisə xilas edəcəksiniz? «Boris Qodunov»da bas partiyanı ifa edəcək və ya şadlıq edən çoxminlik kütlə qarşısında nitq söyləyəcəksiniz? Bəlkə planşet və qeydlərinizlə öz fabrikinizi gəzib, parçalarınızın ideal toxunması və boyanmasına nəzarət edəcəksiniz?
Bu işlə harada məşğul olacaqsınız? Həmin şəraiti təsvir edin. Buxarısı olan rahat kottec, Antarktika, Manhettenin mərkəzi, yoxsa Kentukkidə ərəb atlarını bəslədiyiniz nəhəng fermada?
Siz nə sevinc, nə də məmnunluq tapmadığınız yerlərdə artıq kifayət qədər işləmisiniz. İndi özünüzə hər şeyi rəva görün. Beyninizin, eyni zamanda həm ana, həm vaz keçilməz qadın, həm də Amerika futbolunun ulduzu, və ya planetin baş bağbanı və tropik meşələrin xilaskarı olduğunuz gizli küncünə nəzər salın.
Sizinlə birlikdə olacaq adamları da yaddan çıxarmayın. Bunun iş olduğunu – rəisiniz, həmkarınız, biznes tərəfdaşınız, «sağ əliniz» olan köməkçiniz, hətta rəqibinizlə birlikdə işlədiyinizi yaddan çıxarmayın. Sizin hər bir arzunuzu tam dəqiqliklə, sözsüz yerinə yetirən və sizdən sonra hər şeyi hökmən yığışdıran və sahmana salan köməkçilər komandanızın olmasını istəyərdiniz? Bəlkə əla nəticələrə nail olana qədər dayanmağınıza imkan verməyəcək dahi məşqçi və ya müəllimin yeri görünür? Ya da sizinlə birlikdə layihə üzərində işləyən və xəyalınızda canlandıra biləcəyiniz ən ağıllı, hazırcavab, mehriban həmkarlar istəyirsiniz?
Mən adətən seminarlarımda bu tapşırığın yerinə yetirilməsini istəyəndə, o, şövq partlayışına gətirir. Qruplarımın əksəriyyəti təxəyyülünü uçuşa elə rahatlıqla buraxır ki, guya artıq cümə günüdür.
Mən həmişə bu cavablardan ləzzət alıram; düşünürəm ki, siz də alacaqsınız.
Adrien, korporativ hüquqşünas, 44 yaşında: «Mən Amazonkanın bütün uzunluğu boyu hər şeyi çəkmək üçün kamera, yüksək səviyyəli komanda və çoxlu pul, sonra isə Peru yaylasına yollanmaq istəyirəm!»
Bernis, yazıçı, 29 yaşında: «Mən sadəcə hər gün səhər şəhərin mərkəzində yerləşən, içərisində masa, katib, kompüterlər, telefonlar, surətçıxaranlar, fakslar və çoxlu məşğul adam olan böyük ofisə gəlmək, orada öz nəsrimi yazmaq istəyirəm. Özü də bu vaxt bütün kampaniya ilə nahar etmək, kiminləsə su soyuducusunun yanında söhbət etmək, kiminləsə şam yeməyinə, kinoya və ad günlərinə getmək istəyirəm».
Filip, hüquq şirkətində korrektor, 27 yaşında: «Yunan adasında kafeyə malik olmaq istəyirəm. İşdən sonra həm də yaxşı dostum olan tərəfdaşımla ilanbalığı tutmağa gedərdim. Biz birbaşa çimərlikdə şam yeməyi hazırlayar, köhnə mahnılar oxuyar, həyat və qəlblərimizi sındırmış qadınlar haqqında danışardıq. Mövsümlər arası isə mən yelkənli gəmiyə matros düzələr və dünya səyahətinə çıxardım».
Bu yaxınlardan Fortune 100 siyahısında olan şirkətlərin birində menecer işləyən, 38 yaşlı Cenni belə bir variant tapmışdı: «Mən şirkətimdə bölmə rəhbəriyəm və mənimlə əla bir komanda işləyir. İş icraçısından ekspert-məsləhətçilər qrupuna qədər hamı gözəl əhvala malikdir və hər şeydən artıq öz işlərini əla görməyi arzulayırlar. Bəli! Belə olsaydı, hansı işlə məşğul olmağımızın mənim üçün heç bir fərqi olmazdı!»
Luiza, hüquq şirkətində katibə, 39 yaşında, belə qərara gəlmişdi: «Qəşəng şəhərətrafı qəsəbədə poçtalyon olmaq istəyirəm. Bütün günü piyada gəzib, açıq havada olmaq istəyirəm. Hər səhər nə geyəcəyim haqqında düşünmək istəmirəm. Pulsuz tibbi sığorta, təminatlı iş və hər gün evə düz saat beşdə getmək mənim çox xoşuma gəlir. Milad hədiyyələri və sevgililər günü açıqcalarını məmnuniyyətlə çatdırardım. Mən itləri sevirəm. Onlar məni heç vaxt dişləməzdilər».
Bəs siz cənnət işinizi necə təsəvvür edirsiniz? Onu fikirləşib tapmaq xoşunuzu gəldimi?
Yoxsa sizdə alınmadı?
«Bu məndə alınmır, – keçmiş peşəkar beysbolçu Bill bəyan etdi. – Mən sadəcə özümə ideal iş fikirləşib tapa bilmirəm. Bacarsaydım, elə onunla da məşğul olardım».
«Siz başa düşmürsünüz, – səhnə işçisi Kris deyir, – məndə heç nə, heç vaxt ruh yüksəkliyi yaratmır. Mənim problemim də elə bundadır!»
Bill və Krisin sanki sizin əvəzinizdən də danışdığını düşünürsünüz?
Elə isə tapşırığın digər – «Cəhənnəm işi» adlanan hissəsini yerinə yetirməyinizi istəyirəm. (Mən hələ bunun öhdəsindən gələ bilməyən adamla rastlaşmamışam.)
Hissə B. Mənfi variantı – cəhənnəm işini təsvir edirik
Niyəsini soruşmayın, amma hamı nəyi istəmədiyini bilir, özü də təfsilatı ilə. Əgər «cənnət işi» ilə bağlı tapşırığı yaxşı yerinə yetirə bilmədinizsə, güman ki, «cəhənnəm işi» ilə bağlı tapşırıq əla alınacaq. İstənilən keçmiş və ya xəyalınıza gələn işlərdə xoşunuza gəlməyən hər şeyi götürün. Sizi bədbəxt edən işin müəllifi şeytanın özü olsaydı, nə fikirləşib tapardı?
Nəyi, harada və kiminlə edəcəyinizi müəyyən etməyi yaddan çıxartmayın. Yeri gəlmişkən, «cənnət işi» sizə asan başa gəlibsə belə, bu tapşırığı sadəcə ləzzət xətrinə yerinə yetirmək olar.
Onu yerinə yetirəndə çox adamı bədxah vəcd çulğalayır. Adamların şəxsi «cəhənnəm işlərinin» hər bir cəhətini təsvir edərkən necə qorxulu sifət etdiklərini, gözlərini qıydıqlarını, əzilib büzüldüklərini görmüşəm, – onları dayandırmaq mümkün olmurdu! Hamı daha bir qorxulu təfsilat əlavə etmək istəyirdi. Mən tapşırıqları insanların hansı dəhşətli anları yaddan çıxartdıqlarını bir-birinə xatırlatdıqları qrupda aparmağı xoşlayıram. Görün bu yaxınlarda işlədiyim qrupda hansı nəticələr alındı.
«Cənnət işi» qismində şəhərətrafı qəsəbədə poçtalyonluq etməyi düşünmüş Luiza deyirdi: «Mən çox varlı və ərköyün kino ulduzunun köməkçisiyəm. Mənim boş vaxtım olmur, çünki o məni gündüz-gecənin istənilən vaxtı çağıra bilər. Onun böyük şəhərin mərkəzindəki hündür binada mənzili var. Mən oradakı qulluqçu otağında yaşamağa məcburam. Yemək və geyimlərin hamısını mən almalıyam. (Paltar almaqdan zəhləm gedir.) Burada işləyənlərin hamısı mənə qarşı çox soyuqdur və heç vaxt mənimlə söhbət etmirlər. Mən səhərdən axşama qədər oturub, sabun köpüyü operalarına və televiktorinalara baxmalı oluram, kitab oxumağa isə icazə verilmir. Məni qızılla işlənmiş şüşə düymələri olan yaşıl-sarı uniforma geyməyə məcbur edirlər». Luiza dayandı, amma magistr dərəcəsinə malik olub taksi sürücüsü işləyən Elliot sözə başlamaq istəyən kimi davam etdi: «Hə, özü də o, ancaq dondurulmuş hazır xörəklər yeyir. Mikrodalğalı soba isə pis işlədiyindən yeməklərin ortası həmişə soyuq olur. Mən də onunla birlikdə yeməyə məcburam. Bir də, o məni istənilən vaxt, xəbərdar etmədən, işdən çıxara bilər.»
Nəhayət növbə Elliota çatdı: «Mən hər gün doqquzdan beşə qədər işləyirəm və mənim iki həftə məzuniyyətim var, amma hər dəfə cəmi bir həftəsini götürmək olar. Ona görə də heç bir yerə əməlli-başlı gedə bilmirəm. Tıxaclar səbəbindən hər gün yola dörd saat vaxt itirirəm. Rəqəmlərlə işləməli, büdcə ilə məşğul olmalı oluram. Mənim rəisim şirkət sahibinin oğludur, məndən cavandır, axmaqdır və heç nəyə yaramayan bir zatdır. Lakin mən ona qulaq asmalı və gülümsəməliyəm! Mən yüzlərlə masa qoyulmuş nəhəng zalda otururam, yüzlərlə adam mətn yığır və ya telefonla danışır, amma bir-birimizlə ünsiyyətdə olmağımıza icazə verilmir. Pəncərə yoxdur. Mən bunların hamısına nifrət edirəm».
Bank işçisi Xuan deyirdi: «Mənim cəhənnəm işim var. Fikirləşib tapmağa ehtiyac yoxdur, elə indi gördüyüm işdir. Hər gün və sonsuzluğa qədər. Cəhənnəmdə iş. Mən investisiya imkanlarından danışaraq, slaydlarala təqdimat aparardım və hesabatlar yazardım. Çoxlu sayda hesabatlar». Təklikdə iki uşaq böyüdən Martina özünün cəhənnəm mənzərəsini belə bölüşürdü: «Mənim üçün ən pis variant heç kimin baş açmadığı xaosun hökm sürdüyü ofisdir. Mənim vəzifəm hər şeyi təşkil etməkdir, amma mən bunun öhdəsindən gələ bilmirəm. Hər gün. Hər gün də abrımı ətəyimə bükürlər. Cəhdlərimi dayandırmağa da icazə vermirlər. Hər cümə günü rəis məni yanına çağırıb öyüd-nəsihət verir».
Bu səfeh tapşırığın mənası nədir? O kifayət qədər vacibdir. Bir tərəfdən, siz hər dəfə gərginlik hiss edəndə, mənfi ssenarini yada salmaq çox faydalıdır. Sizin təbiətinizin «nisyə» iş görməyə gizli etiraz edən hissəsi «qazını» bir qədər buraxmaq imkanı əldə edir. Bundan sonra sakitləşmək və enerjini başqa istiqamətə yönəltmək olur. Mən də istəyirəm ki, siz bu enerjini konkret məsələ üçün istifadə edəsiniz.
Mənfilikləri yazın
Siz özünün «cənnət işini» təsvir etməyi bacarma-yanlardan idinizsə, axırıncı tapşırıq göstərdi ki, gur mənfi yaradıcılıq qabiliyyətiniz var. Mənfi ssenariləri çox xoşlayıram. Bu, məzəli və faydalıdır: mənfi variantları təsəvvür etməklə, bəzən sizin təxəyyülünüzə işləmək imkanı verməyən inadkar müqaviməti aldatmaq olar. İndi, özünüz üçün ən dəhşətli işi düşünəndən sonra, ideal işin necə olacağını tədqiq təsəvvür etmək olar! Sizin dəhşətli yuxunuz sizi sanki yaddan çıxarmış olduğunuz, dərində gizlədilmiş arzu və ehtiyaclarınıza gətirəcək xəritə olacaq. Bunu necə etməyi göstərəcəyəm.
«Cəhənnəm işinin» hər bir detalını – zaman qrafiki, fəaliyyət növü, şərait, ətrafdakıların münasibəti, hətta hava durumu və, mütləq, keçirdiyiniz hissləri götürün və onların tam tərsini təsəvvür edin. Hər şeyi 180 dərəcə tərsinə döndərin. «Cəhənnəm işinizdə», Luizada olduğu kimi, ərköyün ulduza işləyirsinizsə, onu müdrik, nəzakətli və təmkinli filosofla əvəz edin. Hər gün işə getməyə çoxlu vaxt sərf etdiyinizi demişdinizsə, «mən evdən işləyirəm» yazın.
Məntiqi hiss etdiniz? Onda qələmi götürün.
Çalışma 3. İşi yenidən yazırıq və ya mənfini müsbətə dəyişirik
«Özünüzün cəhənnəm işinizi» götürün və ağ vərəqdə onun tam əksini yazın. Sizə də, Luiza kimi şəhərin mərkəzindəki hündür binada yaşamaq xoş gəlmirsə, «mən kənd yerində, yaxşı kottecdə yaşayıram», və ya buna bənzər, fikrinizcə şəhərə əks olan başqa bir şey yazın. «Cəhənnəm işiniz», Elliotda olduğu kimi, bazar günlərinin olmamasını nəzərdə tutursa, «mən ilin altı ayını işləyirəm» yazın. «Cəhənnəm ssenarisində» səhrada, treyler parkında tənhalıqda qalıbsınızsa, özünüzü Londonda, Parisdə rəqsə və ya əla restoranda şam yeməyinə gedən təsəvvür edin. Mətn yığmaq və kağızları qovluğa toplamaqdan zəhləniz gedirsə, buna ən yaxşı alternativin nə olacağını düşünün. Kosta-Rika haqqında məqalələr yazmaq? Teatr pyeslərinə prodüserlik etmək? İnsanlara yardım etmək? «Cəhənnəm işinizin» tərsini tapın – «cənnət işinizin» konturlarının necə təzahür etdiyini görəcəksiniz! Bilirsiniz, siz sadəcə artıq «qazınızı» buraxmadınız. Özünüz üçün ən mühüm olan şeylərin üstünü açdınız: mənfi variantı təsvir etdiniz, sonra isə bunun tərsi olan mənzərəni görmək üçün onu fotoplyonka kimi çap etdiniz. Budur o sizin qarşınızdadır: bu şəkil göstərir ki, siz öz istəkləriniz haqqında güman etdiyinizdən daha artıq bilirsiniz. Müsbət və ya mənfi obrazdan başlamağınızın elə bir əhəmiyyəti yoxdur, indi xəyallarınızın işi haqqında təsəvvürünüz var. Gəlin bu məlumatdan növbəti tapşırıqda həqiqətən də məşğul ola biləcəyiniz əla işi fikirləşib tapmaq üçün istifadə edək.
Çalışma 4. Özünü təshih edən ssenari
Bu tapşırığın iki variantı var – birincisi yaxşı dostunun köməyindən istifadə edənlər, ikincisi hər şeyi təklikdə etməyə üstünlük verənlər üçündür.
Variant 1. Birləşib film yazırıq
Bizim halımızda ssenari sadəcə filmin qısa xülasəsidir. Siz filmin ideyasını kinostudiyaya satmaq istəyirsinizsə, onun məzmununu təqribən belə xülasə edirsiniz: «Cəmiyyətin yüksək təbəqəsindən olan professor London operasının qarşısında gülsatan qızla tanış olur. O və dostu qızın dəhşətli tələffüzünü düzəltmək, sonra isə qızı kral sarayında keçiriləcək balda əsilzadə xanım kimi təqdim etməyə qərar verirlər. Sonra professor qıza vurulur».
Beləliklə, mən istəyirəm ki, dostunuz sizin əla karyeranız haqqında filmin ssenarisini sizə «satsın». Hansı yolla? «Cənnət» və «cəhənnəm» işlərinin təsvirinə əsaslanaraq. Məsələn sizin yoldaşınız deyir:
– Belə, sən nizamsızlığı xoşlamırsan, ona görə də ssenari belədir: sən əla təşkil edilmiş ofisdə işləyirsən, hər şey sənin tam nəzarətin altındadır. Səni hər gün nailiyyətlərinə görə tərifləyirlər.
Yoldaşınızın təklif etdiyi ssenariyə diqqətlə qulaq asın. O qurtaranda, hekayəni təkmilləşdirməyə kömək edin. Təsvir edilən həyatla razı olduğunuzu və ya ona düzəlişlər etmək istədiyinizi müəyyənləşdirin:
– Əla təşkil edilmiş ofis xoşuma gəlir, amma təriflər mənə lazım deyil. Deyəsən mən ümumiyyətlə rəisim olmasını istəmirəm.
– Yaxşı, – dostunuz deyir, – təzədən başlayım. Sən əla təşkil edilmiş ofisdəsən və bu sənin ofisindir. Sən özünə işləyirsən.
– Hə-ə-ə, bu mənim xoşuma gəlir.
Qoy dostun hekayəni təshih etməyə kömək göstərsin. Lazım olanda dəfələrlə geri qayıda-qayıda irəliləyin, xoşunuza gəlməyən hissələri atın, kadrın arxasında qalmış təfsilatları əlavə edin və hər dəfə də nəticələri yoxlayın.
– Yaxşı, indi hər şey xoşuna gəlir?
– Demək olar ki. Bəs mənim biznesim nədən ibarətdir?
– Sən kalson satmaqla məşğulsan.
– Yox, mən heç nə satmaq istəmirəm.
– Tamam heç nə?
– Yox. Mən bu dünyada nəsə etmək istərdim. Mən insanlara həyatlarını yaxşılaşdırmaq üçün kömək etmək istəyirəm.
Aha!
Bir baxın ha, həyatda nə etmək istədiyin anlayan bu şəxs kimdir görəsən?
Ssenarini dönə-dönə dəyişməklə sizin üçün nəyin mühüm olduğunu, yəni məna ilə dolu olduğunu tədricən anlamağa başlayacaqsınız. Özünü təshih edən ssenari sizin psixikanıza tətbiq etdiyimiz bir fənddir.
Bu fəsildəki bütün tapşırıqların məqsədi müdafiə mexanizmlərinə kələk gəlməkdir. Budur, artıq dəqiq məlumat əldə etdik!
Variant 2. İki qələm
Dostunuz yanınızda deyilsə, bu özünü təshih edən ssenarini bloknot və biri ssenarini yazmaq, digəri isə ona düzəliş etmək üçün lazım olacaq müxtəlif rəngli iki qələmlə eyni dərəcədə səmərəli yerinə yetirmək olar. Sadəcə rolları dəyişin: qələmin biri ilə «dostunuzun» təkliflərini yazın, digəri ilə isə öz şərhlərinizi.
Nöqsansız ssenari hazırlayan kimi ən azı indiki an üçün layiqli məqsədə malik olacaqsınız. Yadınızdadır, mən demişdim ki, məqsədə doğru hərəkət etməyə başlayan kimi sizə imkan verməyən müqaviməti fəallaşdıracaq və üzə çıxaracaqsınız? Budur, indi sizin məqsədiniz var. Baxaq görək mən haqlı idim, ya yox.
Çalışma 5. Müvəqqəti daimi öhdəlik
Beləliklə indi sizin ideal təshih olunmuş ssenariniz var. Heç bir etiraz qalmayıb? Lap yaxşı.
İndi mən sizinlə pis bir zarafat etmək istəyirəm. Mən təkid edəcəm ki, siz planı yerinə yetirməyə söz verəsiniz! Bəli, məhz belə. Daha geriyə baxmırıq – bütün qərarlar qəbul edilib. İndi biz karyeranızı hansı istiqamətdə quracağınızı bilirik.
Lakin panikaya düşməyə və ya mənim ağlımı itirdiyimi düşünməyə başlamazdan əvvəl icazə verin göstərişlərimi başa çatdırım: Mən istəyirəm ki, siz bir saat ərzində bununla məşğul olasınız.
Mən qısa müddətə sizin azadlığınızı əlinizdən almaq istəyirəm, çünki azadlıq məhvedici ola bilir. «Nə ilə istəyirsiniz məşğul ola bilərsiniz» sözləri şəxsi cəhənnəm yaratmağa qadirdir. Nə ilə istəyirsən? Seçim çox böyükdür! Bəzən məhdudiyyətlər inanılmaz yüngüllük yaradır və o bu dəqiqə baş verəcək. Siz məqsədsiz, həlməşik şəkildə mövcud olmağa nə qədər nifrət etdiyinizi gözəl bilirsiniz. Hər şeydən çox qərar qəbul etmək və həyatınızı sahmana salmaq istəyirsiniz.
Sizi sonsuz seçimin sərbəst düşmə halında saxlayan yeganə şey düzgün seçim etməmək və tələyə düşmək qorxusu idi. İstəyirəm inanasınız ki, düz ya əyri, seçim edilib və siz tələyə düşmüsünüz.
Özünüzü bütünlüklə sizə daha yaxşısını təsəvvür edə bilməyəcəyiniz qədər uyğun olan bu ssenarinin yerinə yetirilməsinə həsr etməlisiniz. İndi bütün başqa variantlar qapanıb, qollarınızı çirmələyib bunu həyata keçirmək lazımdır.
Bir saat ərzində.
Yəqin indi fikirləşəcəksiniz: dayanın, mən hələ heç bir öhdəliyə hazır deyiləm. Bir saatlığa belə. Ən azı ona görə ki, nəyə getdiyimi bilmirdim. Bilsəydiniz daha ehtiyatlı olardınız, elə deyil?
Bəli, siz doğrudan da daha ehtiyatlı olardınız və heç bir şey fikirləşib tapmazdınız.
– Yox-yox, – «cənnət ssenarisi» Uelsdə şair olmaq olan məktəb müəlliməsi Corciya etiraz etdi, – axı bu mənim həqiqətən istədiyim deyil! Mən nə istədiyimi bilmirəm, yadınızdadır? Bəs mən səhv edirəmsə? Yəni, tam əminəm ki, səhv edirəm! Siz axı özümü uyğun olmayan şeylərə həsr etməyi boynuma qoymaq istəmirsiniz?
Mən məhz bunu istəyirəm.
Amma cəmi bir saatlığa (Hərçənd bu bir saat sizin həyatınızdakı ən uzun və ibrətamiz saatlardan biri ola bilər.)
Özünü həsr etmək, bizim halımızda müzakirəni kəsmək deməkdir. Bütün «bəs birdən»ləri atmaq deməkdir. Gələcək müəyyən edilib. Mən istəyirəm ki, öz-özünüzə deyəsiniz: «Yaxşı, daha fikirləşməyin mənası yoxdur, çünki geri qayıtmaq mümkün deyil. Komediya şoularında iştirak edəcək, ada alacaq, məsafədən işləyən işçi olacağam, yaxud da kibutsa üzv olacağam. Bu istiqamətdə birinci hansı addımları atmaq lazımdır?»
İndi istəyirəm ki, telefon kitabçasına baxasınız, komiklərin çıxış etdiyi kluba zəng edəsiniz, adaların neçəyə olduğunu öyrənəsiniz, ya da kibutsda yaşamış qonşunuza zəng edəsiniz. Mən istəyirəm ki, növbəti bir saat ərzində siz öz məqsədinizə doğru hərəkətlə fəal məşğul olasınız. Zəngli saatınızı bir saata (gücünüz daxilindədirsə daha çox vaxta) qurun – o, zəng çalanda dayana bilərsiniz.
İstəyirəm ki, bu bir saat ərzində özünü tamamilə bir işə həsr etməyin nədən ibarət olduğunu anlayasınız. Özü də sizin ssenariniz bu iş üçün başqalarından az yaramır.
Hə, nəticəsi nə oldu?
Bir adam söylədi: «Bu, mühüm olmalı deyildi, amma mühüm oldu! Mən bu tapşırığa digər layihələrə, məsələn müsamirə təşkilinə yanaşdığım kimi yanaşdım. Yeganə fərq bu müsamirənin mənim həyatım olmasından ibarət idi!»
Özünü poçtalyon rolunda görmüş Luiza öz hisslərini belə təsvir etdi: «Tüklərim biz-biz oldu! Amma özümü ələ ala bildim. Ohayoya, rəfiqəmə zəng edib Kolambusda poçtu necə çatdırdıqlarını soruşdum. Təbii ki, poçtalyonların əvvəlki kimi küçədə obaş-bubaşa gəzdiyi məlum oldu. Oraların əvvəlki kimi gözəl olub-olmadığını soruşanda, hə dedi. Sonra mən oradakı poçta zəng edib işə düzəlmə anketini mənə göndərmələrini xahiş etdim! Sizin sayənizdə bütün bunları etdiyimə inanmağım gəlmir!»
Filipdə isə belə olmuşdu: «Mən heç başlamamışam da, amma artıq özümü bezmiş hiss edirəm! Bu, doğrudan deyilsə, niyə bu dərəcədə qorxuludur?»
Ona görə qorxuludur ki, bunun ciddi olduğunu davranışınızla göstərəndə, fəaliyyətə keçməyinizə uzun müddət mane olmuş müqavimət yuxudan oyanır.
Darıxdırıcıdır deyərək köhnə komediyaya baxmağı, itlə gəzintini, hətta vergi deklarasiyasını doldurmağı bu tapşırıq üzərində işləməkdən üstün tutdunuzsa, özünüzü aldadırsınız. Siz hələ müqavimətinizin səsi eşidilməmiş meydandan qaçdınız.
Qorxduğunuz üçün qaçdınız.
Yeri gəlmişkən, müəyyən məqsədə bir saat vaxt sərf edib nə qorxu, nə də tərəddüd hiss etmirsinizsə, bundan ruh yüksəkliyi və sevinc duyursunuzsa, deməli dünyaya çıxıb, gözəl ssenarinizi gerçəkləşdirməyə hazırsınız. Elə bu dəqiqə kitabı kənara qoyun və başlayın! Uğur olsun!
Amma ssenari ilə əsil məqsəd kimi davranmağınız sizdə narahatlıq yaratdısa da, çox yaxşı! Sizin müqavimətiniz səhnəyə çıxmağa hazırdır. Əlavə vərəq və ya diktofon – sizə necə rahatdırsa – götürün müqavimətinizin səsini yazın. Bu sözlər artıq sizin dodaqlarınızdan qopmağa hazırdır.
Çalışma 6. Səsi dinləyirik
Siz uzun illər bu səsi bu və ya digər formada eşitmisiniz. Bəlkə hesab etmisiniz ki, o ancaq mənfi anları göstərir, əslində isə bu sizin daxili müqavimətinizin səsidir və o, elə-belə səslənmir. Sizin müqavimətiniz buna bənzər bir şey deyir: «Çox yüksəklərə uçsam məni öldürəcəklər». Ya da: «Bir şeyə nail olursansa, o mütləq səni peşman edir» və bunun kimi şeylər. Son dərəcə diqqətli olun və eşitdiyiniz barədə yaxşıca düşünün, çünki biz məhz bunu gözləyirdik.
Müqavimətinizlə tanış olun
Budur sizin daxili müqavimətiniz üzə çıxdı. O hər yolla dirənir və sizə meydan oxuyur: istədiyin şeyi al görüm necə alırsan.
Daha diqqətlə baxın. Bax bu zərərli məxluq hesab edir ki, təhlükə hiss edəndə, sizin ruh yüksəkliyinizi əlinizdən almaqla, sizi qoruyur – təhlükəni isə siz hər dəfə əlinizi istədiyinizə uzadanda hiss edir. Mənfi fikirlər söyləməklə təkidlə sizə qarşı durur və sizi yoldan sapdıran və iflic edən münaqişə yaradır.
Lakin onun hər bir sözünün arxasında azadlığın sirri gizlənib.
İndi, müqaviməti sığınacağından çıxarıb onun dediklərinə diqqətlə qulaq asanda, onu yoldan necə götürməyi anlamaq üçün əla imkanınız yaranır.
Kitabın qalan hissəsi buna həsr edilib. Hər fəsil bu və ya digər müqaviməti necə aradan qaldırmaq haqqında danışır, və məhz sizin işlətməli olduğunuz alət və strategiyalar təklif edir. Qollarınızı çirməyin, başlayaq.
Fəsil 4. Etibarlı iş
Sizin yəqin ki, adilikdən uzaq, cəlbedici, maraqlı həyat sürən tanışınız var. Dostlarınızdan hansısa, bəlkə də bacınız və ya həyat yoldaşınız ya İstanbulda dərs deyir, ya Qayalı dağlardakı kiçik evdə kitab yazır, ya da Mersedes-Benz şirkəti ilə müqavilə bağlamaq üçün Hamburqa uçur. Siz də belə həyat arzusundasınız, amma onun heç vaxt olmayacağını bilirsiniz. Siz həmişə taleyinizə yazılmış həyəcanlı anlardan imtina etmisiniz, çünki təhlükəsizlik axtarmısınız. Risk etmək üçün nə qədər cəsarət tələb olunacağını bilməsəniz də əminsiniz ki, o yoxunuzdur. Siz qayığı sahilə yaxın sürürsünüz, amma gözünüzü üfüqdən çəkə bilmirsiniz.
Çoxları sahilə yaxın olmağa üstünlük verir və bu zaman özlərini əla hiss edirlər, amma bu sizin üçün deyil. Qəlbiniz həsrət və təəssüflə doludur. Qəlbinizin dərinliklərində macəralar arzusundasınız. İndiki iş yerinizdə ilişib qaldığınızı gözəl bilirsiniz. Bilirsiniz ki, daxilinizdə tədqiqatçı və səyyah yaşayır, amma onu bayıra çıxmağa qoymursunuz. Əminsiniz ki, başqa adam çoxdan hərəkətə keçər, hər bir imkandan möhkəm yapışar və hələ öyrənilməmiş yerlərə gedərdi. Lakin siz özünüzü əldə olana qail olmağa və daha artığını almağa cəhd etməməyə öyrətmisiniz.
***
«Siz ehtiyatlı adamsınız?» testini keçin.
Bu fəslin sizə lazım olub-olmadığını bilmək üçün bir neçə sual verəcəyəm:
Siz daim məşq edirsiniz? Yəni daim kurslara gedir və ya bacarıqlara yiyələnirsiniz, amma heç vaxt öyrəndiyinizi praktikada tətbiq etmirsiniz?
Səyahətə çıxmaq və ya yataq otağında hər şeyi dəyişmək vaxtı gələndə sonsuz hazırlıqlara başlayır, daim tərəddüd edir, hər bir hərəkətinizdə dostlarınızın məsləhətini öyrənmək üçün onlara zəng edirsiniz?
Sizə lazım hesab etdiyinizdən bir qədər artıq təkid edəndə və ya tələsdirəndə siz var gücünüzlə müqavimət göstərirsiniz? Siz dedlaynı o qorxulu dərəcədə yaxınlaşana qədər vecinizə almırsınız və kimsə sizi xəbərdar etmək istəyəndə inadkarlıq edirsiniz? (Bilirsiniz, bəziləri buna sakit yanaşır. Başqalarının o qədər də xoşuna gəlmir, lakin bu onları qıc etmir. Amma sizi edir.)
Siz hər şeyə, hətta sizə ziyan verən qeyri-sağlam münasibətlər, gərəksiz paltarlar və məişət texnikası, faydasız təşkilatlarda üzvlük kimi şeylərə uzun müddət yapışıb qalırsınız?
Doğrudan da xoşunuza gələn şeylə məşğul olmağa vaxtınız olmadığından şikayət edirsiniz, əslində isə vaxtın böyük bir hissəsini televizora baxmağa, ya da xırda ev işlərinə sərf edirsiniz?
Siz özgələrinin həyatını baxımlı idman növü kimi seyr edirsiniz? «Etibarlı iş» tipli adamlar məşhur və ya şəxsən tanış olduqları adamların həyatları ilə qeyri-adi dərəcədə çox maraqlanırlar. Bəlkə özləri dolğun həyat yaşamadıqlarından bu onlar üçün maraqlıdır, bəlkə də həyatlarını təshih etmək üçün yönəldici bir işarə axtarırlar!
Siz tez-tez həyatınızı dəyişmək haqqında düşünürsünüz, amma bu, heç vaxt xəyallardan uzağa getmir?
Əgər siz üç və ya daha artıq suala «bəli» cavabı vermisinizsə, deməli siz doğrudan da «etibarlı iş» adamı növünə aidsiniz və bu barədə yaxşıca düşünməli olacaqsınız. Çünki odla oynayırsınız. Təhlükəsizlik sizin güman etdiyinizdən daha risklidir.
Siz səsinizi təhlükəsizliyə vermisiniz, özü də güman ki, çoxdan. Bizim əksəriyyətimiz səkkiz yaşına çatana qədər ehtiyatlı, ehtiyatsız və ya yarı elə, yarı belə olacağımızı bilirik. Bəzi uşaqlar əvvəl hoppanır, sonra baxırlar. Siz baxmış, amma hoppanmamışsınız. Belə hərəkət etməyin səbəbləri olub, amma onlar artıq yadınızda deyil. Lakin biz böyüyəndən sonra da, uşağın cızdığı yolla gedirik. Onu yenidən düşünüb, dəyişmək üçün dayanmırıq. Özümüzə «vərdiş etdiyimiz təhlükə siqnalına inanmağa dəyərmi» sualını vermirik. Vərdişlərimiz öz həyatını yaşayır, biz isə hesab edirik ki, elə belə də lazımdır.
Lakin, bir qayda olaraq, bu ehtiyatlılığın haradan alındığını bilmirik. Nə vaxtsa bunun səbəbi olmuşdusa belə, artıq o mövcud deyil. Ən vacibi isə odur ki, siz həddindən artıq ehtiyatlı olmaqla həyatınızdakı ən böyük riski edirsiniz.
Zahirən səfalı mənzərədir: sizə elə gəlir ki, kərpici kərpic üstünə qoymaqla həyatınızı əla qurursunuz. Lakin kürəyinizin arxasında zaman dollar banknotları kimi boruya sovrulur. Zaman yeganə həqiqi sərvətdir, amma biz bunu başa düşməyə başlayanda artıq yarısı sərf edilmiş olur. Zamandan danışsaq, uşaqlar özünü milyoner hiss edir. Qocalar vaxt haqqında çox şey bilirlər və tam açıqlığı ilə deyəcəklər ki, ən çox etmədikləri şeylərə görə heyfsilənirlər. Onların nə haqqında danışdıqlarını anlamaq üçün o qədər də qoca olmaq lazım deyil. Arxada qalmış yeniyetməliyinizə baxın və özünüzdən soruşun: ən çox nəyə heyfislənirsən? Etdiyin işlərə görə? Yoxsa etməyə cəsarətin çatmayanlara görə? Özünüzü səfeh kimi hiss etsəniz belə rəqs meydançalarına getdiyinizə görə? Yoxsa özünüzü səfeh kimi hiss etməmək üçün rəqs meydançalarına getmədiyinizə görə?
Bəs nə edək?
İsrafçılıqla sərf edilmiş zamanın yadına salınmasını heç kim xoşlamır, çünki daha buna bir şey etmək mümkün deyil, hə? Bizim reaksiyamız adətən belə olur: «Siz doğrudan hesab edirsiniz ki, mən hər şeyi satıb yaxta almalı və dünya səyahətinə çıxmalıyam? Birincisi, belə həyata çətin ki, dözüm. İkincisi, geri qayıdanda nə pul, nə də iş yoxdursa nə edəcəm? Mənim əsl sərgüzəşt axtaranlardan fərqli olaraq, lənətə gəlmiş sağlam düşüncəm var: mən həmişə ertəsi gün nə hiss etdiyimi xatırlayıram. Böyük macəralardan geri dönəndə hər şeyi yenidən başlamaq lazım gələcək. Xeyr, təşəkkür edirəm.»
Sizə yaxşı xəbərlərim var. Sizin «risk və təhlükəsizlik» probleminiz uydurmadır. Siz özünüzü mütləq risklə tam təhlükəsizlik arasında seçim etməlisiniz kimi göstərəndə, mən bunu «qəsdən malı-mala qatmaq» adlandırıram. Siz doğrudan «növbəti günün səhərini» yaxşı bənzətmə, mülahizələrinizi isə ağıllı hesab edirsiniz? Özünüzü aldatmayın, siz sadəcə bir daha özünüzü sığorta edirsiniz. Bu sizi sakitləşdirir, narahatlıq hissi yaradan fikirləri söndürür. Amma, həyatdan uzun müddət gizlənmişsinizsə, bəlkə balaca bir narahatlıq sizə xeyir verə bilər?
Birinci səbəb: ən böyük istəklərinizə etinasızlıq göstərmək ən böyük israfçılıqdır.
Sizin nə özünüzün işlətmədiyiniz, nə də başqaları ilə bölüşmədiyiniz nəhəng sərvətiniz var.
Sizin daxilinizdə maraqlanan və nəhəng imkanlara malik təkrarolunmaz dahi yaşayır. Bu dahi həyatın ağuşuna atıla bilmək üçün darvazanı nə vaxt açacağınızı səbirsizliklə gözləyir. Siz onun enerjisini istifadə etmədikcə həyatınız gözləmə rejimində durur. Əgər haradasa – kölgədə gerçəkləşdirilməmiş istək durubsa, siz işə, ailənizə, hətta istirahətə belə bütün gücünüzü qoya bilmirsiniz, sadəcə gücünüzün yarısından istifadə edərək, nizamsız veyillənirsiniz.
Siz öz istəyinizi yerinə yetirməlisiniz. İstəyinizin ardınca yollanan kimi mürgüdən oyanacaqsınız və həyat məna ilə dolacaq. Nəticənin nə olacağı da o qədər böyük əhəmiyyət daşımayacaq. Siz dolğun həyat yaşamaq istəyirsinizsə onun üçün hansısa bir dərk edilmiş istiqamət tapmaq lazımdır.
Sizi nə dayandırırdı?
Cavab belə ola bilər:
İkinci səbəb: biz macəranın nə olduğunu düzgün anlamırıq
Hesab edilir ki, macəra ehtiras, həyəcan və yenilik daşıyır və məna ilə doludur. İnsanlar bir qayda olaraq fikirləşirlər ki, əsl macəra üçün həyatını riskə atmalı və ya, ən azı, hər şeyi kökündən dəyişməlisən. Biz hesab edirik ki, bunun üçün paraşütlə tullanmalı, Sakit okeanı salla üzüb keçməli və mütləq ailəni, evini, ya da işini atmalısan.
Bunların hamısı macəranın nə olduğunu bilməməyi-mizdəndir. Onu adət etdiyimiz həyat tərzini tamamilə qurban verməyi tələb edən ekstremal hərəkət kimi təsəvvür etməklə, əslində bizə bir yerdə dayanıb qalmağa kömək edən illüziya yaradırıq. Bu fikrimi öz həyatımdan bir əhvalatla göstərim.
Çox-çox illər bundan qabaq «Spun-River antologiyası» adlanan şeir dərnəyində iştirak edirdim. Şeirlər Spun-River adlı uydurma məntəqədə yaşayan insanların adından oxunurdu. Bütün bu qəhrəmanlar ölmüş idilər. Onlar bir-birinin ardınca irəli durur, həyatlarındakı ən mühüm şey haqqında danışırdılar. Qəhrəmanın öz baş daşı üzərində nəyin yazıldığından bəhs edən şeiri məni həmişə çəkib aparırdı. Bu, yelkənləri yığılmış qayıq idi. Heç vaxt sahildən uzaqlaşmadığına görə yelkənləri yığılı qalmışdı.
Bu, mənim üçün antologiyadakı ən qəmli şeir idi.
Bir axşam metro ilə məşqdən qayıdanda qət etdim ki, həyatımı dəyişəcəm və tam gücümlə yaşayacağam. Onsuz da gənclikdə çoxlu macəralarım olmuşdu. Mən evdən getdim və istədiyimi etməyə başladım – Berkli universitetinə daxil oldum, sonra Nyu-Yorkda yaşadım, dostlarımla bütün ölkəni gəzdim və hətta, ərə gedəndən sonra, ərimi hər şeyi atıb bir yerdə avtomobillə Alyaskaya getməyə razı sala bildim. Bu əla idi. Nikahımız tikiş yerlərindən sökülməyə başlayanda macəralara meylliliyim yenə də özünü göstərdi. Vəziyyəti düzəltməyin mümkün olmadığı aydınlaşanda uşaqların əlindən tutub evdən getdim. Mən özümə əmin idim.
Bu andan hər şey dəyişdi. Mən pulsuz və ciddi öhdəliklərlə üz-üzə qaldım. Mənim özümə güvənim möhkəm zərbə aldı və təhlükəsizlik yenidən cəlbedici görünməyə başladı. O axşam evə girəndə macəralara necə qayıdacağımı düşünürdüm, amma yatan iki övladımı görüb fikirləşdim: «Bunu necə edə bilərəm? Uşaqları çiynimə alıb Afrikaya yollanım?» İki işdə işləyirdim. Hər ikisindən də bərk yapışmışdım. Bəli, Tarzan haqqında filmə baxmağa nə pulum, nə də vaxtım var idi!
Belə ki, macəralar haqqında bütün fikirlərimi kənara qoyub gündəlik qayğılarıma qayıtdım: mənzilin kirayəsini vermək, paltarları yumaq, uşaqların pəncərədən yıxılmasının qarşısını almaq lazım idi. Eyni zamanda özümə söz verdim ki, daha heç bir ehtiyatsız addım atmayacam. Uzun illər bundan əvvəl atamın barında işləyən barmen mənə demişdi: «Barbara, sənin coşqun ağlından çoxdur». Beləliklə 1967-ci ildə başımda ağıl peyda olmağa daşladı. Coşqu isə itdi.
Məni bunda kim təqsirləndirə bilər. Macəra ilə dolu həyat üçün işi atıb, uşaqları ekzotik bir yerə aparmaq tələb olunurdusa, bu haqda danışmağa da dəyməzdi. İşin məğzi doğrudan da harasa köçməkdə idisə, deyəsən mən düzgün qərar qəbul etmişdim.
Amma məsələ belə deyildi.
Mən bir şeyi düzgün başa düşürdüm: əsil macəra mənim həyatımı maraqlı edəcək. Bəlkə daha bir şeyi də: pulsuz və iki uşaqla Afrikaya düşmək heç də yaxşı hal deyil. Qalan şeyləri isə kökündən səhv təsəvvür edirdim və mərc gələrəm ki, sizin də təsəvvürləriniz eyni dərəcədə səhvdir.
Böyük macəra mütləq Afrika safarisi deyil. Hər halda məndə belə idi. Əsil macəra ürəyi həyəcanlandırır, şüuru oyadır, qəlbi ruhlandırır. O hər bir adam üçün unikaldır. Mən isə «dolğun həyat yaşamaq», «xəyallarımda gerçəklikdən qaçmaq (eskapizm)» haqqında təəssüratlar qurmağa çalışırdım.
Belə eskapist xəyallar əsl xəyallardan fərqlənir.
Onlar qəza çıxışına bənzəyirlər. Onlar qısa müddətə gerçəklikdən qaçmağa imkan verir və sanki zəruri gorunürlər. Biz belə xəyallara işə getdiyimiz yolda və ya varlı və məşhur adamların həyatı haqqında eşidəndə dalırıq. Biz özümüzü kosmonavt, rok-ulduz və dəniz səyyahı təsəvvür edirik. Eskapist xəyallarımızı özümüzün belə ciddi qəbul etmədiyimizi fikirləşirəm, əslində elə onlar da əsil arzular deyil, təxəyyülün müvəqqəti uçuşudur. Amma hər halda gəlin onları diqqətlə nəzərdən keçirək, çünki onların arxasında sizin həyatınız haqqında əhəmiyyətli məlumat gizlənir.
Çalışma 1. Sizin eskapist arzularınız
Nəyi təsəvvür edirsiniz? Milyon dollarlıq varidatınız olduğunu? Beysbol üzrə dünya çempionatında qələbə dövrəsi vurduğunuzu? Sizi yer üzünün ən cəlbedici məxluqu başdan çıxarır? Özünüzə məhdudiyyət qoymayın. Amma bunlar məhz tamamilə qeyri-real xülyalar olmalıdır. Görün mənim müştərilərim nə danışmışdılar.
Co: «Mən özümü ən yen qırıcı təyyarənin pilotu təsəvvür edirəm – qorxulu düşməni vururam».
Gert: «Mən sadəcə varlı məşhurların həyatını müşahidə edirəm. Lakin məni onların pul və əşyaları deyil, özünə güvəni və qayğısızlığı cəlb edir. Onlar vaxtlarını gözəl keçirir və heç bir şey haqqında narahat olmurlar».
Mo: «Mən özümü meşəbəyi və ləpirçi təsəvvür edirəm. Onları niyə izlədiyimi bilmirəm. Heç bir heyvanı öldürmək istəmirəm. Bəlkə mən onların vərdişlərini və ya buna bənzər şeyləri müşahidə edirəm. Mən meşədə – komada yaşayıram, çoxlu kitab oxuyuram, sonra isə Alyaska yolunun kənarındakı yanacaq doldurma stansiyasının kafesinə gedir, orada hamı ilə söhbət edir və qəhvə içirəm».
Mey: «Mən Borneoda adamyeyənlər haqqında film çəkirəm!»
Kelli: «Sadəcə təyyarədə biznes klassa otururam. Ayaqlarımı uzadıram, təyyarə bələdçisi şampan şərabı gətirir və mən uzaqlara uçuram».
Syu: «Mən dağın zirvəsində, hər şeyin sadə və dinc olduğu monastırda yaşayıram. Elə sakitlikdir ki».
Bəs siz nə cavab verdiniz?
Gerçəklikdən qaçmaqla bağlı olan belə xəyallar sizin əsl ehtiyaclarınızın açarını gizlədir. Bu, həyatınızın çap edilməmiş neqativi kimidir. Çatışmayan hər şeyiniz, bütün boşluqlar bu xəyallarda əks olunur. Coya, qırıcı təyyarənin pilotuna hakimiyyət və azadlıq lazımdır. Gert varlı və məşhur olanların özünə güvəninə, qayğısızlığına həsəd aparır. Moya təbiətə yaxın olan sığınacaq, vaxt və söhbət etməli dostlar lazımdır. (Bunun üçün Alyaskaya getməyə ehtiyac yoxdur.)
Hamımızın öz eskapist xəyallarımızı tədqiq etməyimiz lazımdır, çünki onlar həyatımızda nəyin qaydasında olmadığını xəbər verir. Sonra isə həyatımızda çatışmayan şeylərlə nəsə etmək lazımdır. Çünki alınmış məlumatdan həyatımızı yaxşılaşdırmaq üçün istifadə etməsək, bu xəyallar bizi həyatdan uzaqlaşmağa məcbur edəcəklər. Qoy onlar növbəti addımın nə olmalı olduğunu göstərsinlər, onda sizin onlara ehtiyacınız qalmayacaq.
Gerçəklikdən qaçmaq haqqında xəyallar o qədər nəhəngdirlər ki, siz heç vaxt onların həyata keçirilməsi haqqında düşünmürsünüz. Bu, daha bir təhlükəsiz işdir, amma onsuz da çox təhlükəsiz həyat yaşayırsınız. Bir də eskapist xəyallar özünüzü indiki həyata qapanıb qalmış hiss etməməyə və təlaşa düşməməyə kömək edir. Siz çıxılmaz vəziyyətdə olanda, onlar ağrıkəsici dərman kimi yüngüllük gətirir və dəyişməyinizə mane olur.
Amma biz daha böyük işlərə girişəcəyik. Sizin əsl arzularınızla məşğul olacağıq.
Əsl arzular
Əsl arzular eskapizm deyil. Mən onları hələ həyata keçmədikləri üçün xəyal adlandırıram. Həyata keçəndə onlar əsl gerçəklik olacaq. Əsl arzular haqqında filmi çox az hallarda çəkirlər, çünki hər bir adam qəlbinin dərinliklərində nəsə çox şəxsi bir şey istəyir və bundan milyonların yox, təkcə sizin ürəyiniz nəğmə oxuyacaq. Biz əcdadlarımızın torpaqlarını görmək və ya oxumağa getmək, yaxud astronomiya ilə məşğul olmaq istəyirik. Biz başqalarına – halımıza nə qədər acısalar da – izah edilməsi çətin olan şeyləri istəyirik. Əsl arzular barmaqların dərisi qədər unikaldır. Əsl arzunun mənbəyi artıq sizə söylədiyim daxili dühadır.
Mənə inana bilərsiniz. Hər dəfə doğrudan da nəsə istəyəndə və ürəyiniz nəyə görəsə buna cavab verəndə, qəlbinizin unikal hissəsi danışır. Bu sizin fərdiyyətiniz, şeylərə xüsusi baxışınızdır – dünya məhz şəxsən sizə açıldığı kimidir.
Eskapist xəyallardan fərqli olaraq əsl arzular şüura çətin nüfuz edir. Bundan da artıq, bəlkə onları xüsusi olaraq axtarmaq da lazım gələcək, çünki onlar gizlənməyə meyllidir. Niyə? Çünki onları yadınıza salanda, çox güclü hisslər keçirə bilərsiniz.
Əsl macəralar məhz bundan ibarətdir. Maraqlıdır ki, təyyarəni idarə etmək və ya timsahlarla mübarizə etmək kimi eskapist xəyalları təsəvvür etmək asan, həyata keçirmək çətindir, əsl arzular, məsələn sevdiyinə evlənmək təklif etmək və ya əlli yaşında təhsil almağa başlamaq isə, adətən heç bir gerçək risk daşımasa da, adamı dəhşətli dərəcədə qorxudur.
Artıq dediyim kimi, əsl arzular ailəni atmağı, işdən çıxaraq fırçalarını da götürüb Taitiyə köçməyi tələb etmir. Onlar sadəcə qəlbinizin dərinliklərinə gömdüyünüz şeyi tapıb çıxarmağı və onunla məşğul olmağınızı istəyir.
Bu halda siz həyatınızın işıqla necə dolduğunu görəcəksiniz.
Sadəcə vaxt öldürdüyünüz həyatla özünüzün dərin, ən istəkli arzularınıza qiymət verdiyiniz həyat arasındakı fərq heyrətamizdir.
Budur. Bütün bəhanələr kənara qoyulub.
Elə isə niyə yenə də qorxursunuz?
Çünki macəra üçün təhlükəsiz həyatdan imtina etmək lazım gəlmirsə də, özünə nəyi isə sevməyə icazə vermək üçün emosional riskə getmək zəruridir. Arzunu gerçəkləşdirməyə cürət etmək intensiv həyəcan keçirməkdir. Bu, təhlükəsiz yuxudan oyanmaq kimidir. Əsil yaradıcı və fəal adam olmaq, gözəl həyat yaşamağa haqqınızın olduğunu düşünmək belə böyük işdir. Sizin əsl qorxunuz məhz burada gizlənib.
Əlbəttə biz özümüzü elə göstərməyə çalışırıq ki, guya gerçək maneələr çox böyükdür və irəli hərəkət etmək həddindən artıq risklidir. Kifayət qədər geniş yayılmış bir misal gətirim.
Cerri deyirdi ki, kionssenarilər yazması üçün həyatını tamamilə dəyişməsi lazımdır:
– Yazmaq üçün vaxt lazımdır! Mən isə axşamlar çox yorğun oluram, iş məni əldən salır. Həm də, hər halda, arvadımın vaxtımızı bir yerdə keçirəcəyimizə ümid etmək haqqı var.
Onun arvadı gülmüşdü:
– Deyəsən, zarafat edirsən. O, o qədər bədbəxtdir ki, bütün axşamları ona təskinlik verməklə məşğul oluram. Arzu edirəm ki, ona məmnunluq gətirən bir işlə məşğul olsun! Mənim də öz işlərim var!
Cerri qızardı və boynuna aldı ki, bu, bəlkə də, doğrudur:
– Mən bütün günü yazır və redaktə edirəm. İşdə məni sevirlər və mən öz işimi yaxşı görürəm. Amma redaktor olaraq qalacağım fikri dözülməzdir. Bu fikrə görə öz işimdən dilxor oluram və bəlkə də buna görə bərk yoruluram. Bilirsinizmi, mən kollecdə əla pyeslər yazır, mükafatlar alırdım! Möhtəşəm gələcəyim olacağı gözlənilirdi! Bu lənətə gəlmiş işdə yaza bilmirəm. İşdən çıxa da bilmirəm. Aclıq çəkməyə və darısqal otaqda daldalanmağa hazır deyiləm.
Meri Ceyn və Donna da Cerri kimi düşünürdülər:
Meri Ceyn deyirdi: «Mən mütləq işdən getməliyəm. Onda risk etməyə məcbur olacam və peşəkarcasına oxumağa başlayacağam.»
Donna əmin idi: «Katib vəzifəsindən getmək lazımdır, yoxsa ömrü boyu xırda adam olaraq qalacağam – bacılarım belə hesab edirlər».
Amma Cerri, Meri Ceyn və Donna səhv edirlər. Onlar fikirləşirlər ki, işə görə uğur qazana bilmirlər. Əslində isə onlar uğuru onsuz qazana bilmirlər! Nəyi nəzərdə tutduğumu indi izah edəcəyəm.
Çalışma 2. İşinə nifrət edənlər üçün
Karandaş və kağız götürüb səhifənin başından yazın: «Mən bu işi sevmək istəmirəm, çünki…»
Özünüzü işin qızğın çağında, onun ən xoşunuza gəlməyən hissəsi ilə məşğul olan təsəvvür edin. Təsəvvür edin ki, bununla bütün həyatınız boyu məşğul olmalı olacaqsınız. İndi nə hiss etdiyinizi yazın. Özünüzü saxlamayın.
Cerri yazmışdı: «Bu işi sevmək təsəvvürümə gətirə biləcəyimin ən dəhşətlisidir! Bu mənim yazıçı deyil redaktor olduğumu qəbul etməkdir! Mənim üçün bundan pis şey fikirləşmək mümkün deyil! Mən həyatdan ancaq azadlıq istəyirəm – bundan sonra özümün istəmədiyim bir cümlə belə yazmamaq azadlığı».
Meri Ceyn belə cavab vermişdi: «Mən bu işdən getməliyəm, çünki o, çox rahatdır və mən bu işdə qala-qala özümü müğənni vəzifəsi axtarmağa məcbur edə bilməyəcəm. Elə etməliyəm ki, heç bir yerdə gizlənə bilməyim. Özümü məcbur etməyim lazımdır. Əks halda mən həmişəlik qonaqlıqlarda, toylarda, ad günlərində oxuyan həvəskar olaraq qalacağam. Nə dəyərli bir iş görə, nə də karyera qura biləcəyəm».
Donna: «Mən bu işi sevsəydim, bu mənim sadəcə küt katibə olduğumu göstərərdi. Yəni, mən heç nəyəm».
Elə bu dəqiqə sizlərdən kimsə ayaq üstündə dayanıb, ən azı öz xəyalında Cerri, Meri Ceyn və Donnanı azadlığa can atdıqlarına görə alqışlayır. Mən ofisdə və ya restorandakı yorucu işi olmasaydı artıq bütün yelkənləri açaraq şöhrətə doğru irəliləyəcək olan sizlərin – yazıçı, rəssam və aktyorların haqqında danışıram.
Biz hamımız güman edirik ki, arzularımızı həyata keçirmək üçün bizə azadlıq lazımdır, amma mənim sizə sürprizim var. Bəlkə də iş tamamilə tərsinədir.
Nina rəssam olmağa çalışaraq üç il evdə oturmuşdu. Sonra o bu fikri buraxıb, yenidən müəllimlik işinə qayıtmışdı. İndi həmişəkindən daha çox rəsm çəkir!
«Bunlar mənim həyatımın ən pis illəri idi! Həddindən artıq vaxtı olmaq çox qorxulu şeydir. İndi mən səbirsizliklə şənbə gününü gözləyirəm ki, onu bütünlüklə təsviri incəsənətə həsr edim. Bundan əlavə çərşənbə günləri axşamlar da dərslərə gedəcəyəm. Yayda isə əla müəllimlə ustad sinifləri keçmək üçün iki həftəlik Menə gedəcəyəm!»
Nə baş verib? İndi izah edərəm. İnsanlara struktur lazımdır. Bizə, hətta xoş şeylər üçün də məhdudiyyətlər lazımdır, yaradıcılıq ənginlikləri üçünsə daha artıq! Cerrini yazıçılıqdan saxlayan iş deyildi. İş onun dostudur. Yazıçı olmağına kömək də edə bilər. Sadəcə işi sevməyi öyrənmək lazımdır.
– Of, yox, – Cerri, mən ona bu barədə deyəndə ufuldadı, – siz, sözün birbaşa mənasında, mənim həyatıma qarğış edirsiniz!
Cerri ömrü boyu yazıçı olmağı arzulayıb. Özü də sıravi yox, Ceyms Coys tərtibində. O, özünün «Ulissi» haqqında çox fikirləşsə də, bu arzusunun nəticəsi yalnız bir neçə səhifəlik qaralama olmuşdu.
– İndi çoxmu yazırsınız? – soruşdum.
– Lap az, – Cerri cavab verdi. – Sadəcə qeydlər edirəm. Hərdən bir. Kiçik qeydlər.
Cerriyə aşağıdakılar lazım idi:
Çalışma 3. Azadlıq mövzusunda xəyallara dalırıq
Təsəvvür edin ki, qəfildən arzunuz gerçəkləşib. Siz istədiyiniz şeylə məşğul olmaqda tam azadsınız və hər gününüzü, səhərdən axşama qədər, öz arzunuza həsr etməyə hazırlaşırsınız. Yazıçısınızsa, kabinetdə təksiniz və qızıl ağacdan hazırlanmış masanın arxasında əyləş-misiniz, qarşınızda da təmiz kağız vərəqi var. Rəssamsınızsa, emalatxanadasınız, telefon və qapı zəngləri sizə mane olmur, palitra hazırdır və böyük təmiz kətan sizi gözləyir. Aktyorsunuz? İşə qəbul haqqında istədiyiniz qədər elanlar axtara, sonra isə geyinib görüşə və ya aktyor seçiminə gedə bilərsiniz. Müğənnisiniz? Sizə bütün gün ərzində inzibatçılara və opera truppalarına zəng edib dinləyiş haqqında vədələşməyə heç kim mane olmur. Və ilaxir və sairə.
Bu barədə tam on dəqiqə fikirləşin. Vəziyyəti hiss edin. Siz məhz buna ümid edirdiniz, elə deyil? Ən cəsarətli arzularınız həya keçdi, elə deyilmi? Üstündə təmiz vərəq olan masanın arxasında oturmaq, kətan qarşısında dayanmaq və ya aktyor seçimi haqqında elanları nəzərdən keçirmək. İndi bu sizin həyatınızdır. Nə hiss edirsiniz?
– Yox, bu çox dəhşətlidir, – Meri Ceyn dedi. – Mən hazır deyiləm. İşdən çıxmağım da məni buna hazır etməyəcək.
– Mən son dərəcə yalqızam, – Cerri etiraf etdi. – Başa düşə bilmirəm. Bu o qədər dəhşətlidir ki… Bəlkə mən heç yazıçı deyiləm.
Əlbəttə o yazıçıdır. Meri Ceyn də müğənni. Sadəcə yazmağa və boş müğənni yeri axtarmağa elə indi başlamaq, indiki işin sənə mane olduğu bəhanələri ilə özünü təmizə çıxarmağı buraxmaq lazımdır. Sən bir neçə saat pyes yazandan və ya vasitəçi axtarandan sonra dost adamlarla birlikdə görəcəyin xoş iş əsl rahatlığa çevrilir.
İndi Cerri sakitləşə, öz işindən ləzzət ala və yalnız redaktor olduğu fikrindən narahat olmaya bilər. O, hər səhər saat altıdan səkkizə qədər yazacaq. O özünü yazıçı hiss edəcək. Meri Ceynə də peşəkar ifaçılıq aləminə düşmək üçün yaxşı şəraiti olan işini atmaq lazım deyil. O, dinləyişlərə getməyi elə indi başlamalıdır.
«İndi» – açar sözdür. Qarşınızda duran yeganə maneə arzunuzu həyata keçirməyə başlayacağınız anı təxirə salmaq imkanınızın olmasıdır. Sizə sonsuz uzun vaxt və ideal şərait lazım deyil. Arzunuzla bu gün məşğul olun. Elə indi. Ona iyirmi dəqiqə ayırın – ürəyiniz daha bərk döyünəcək. Ola bilər ki, bundan artığı alınmasın da! Başlanğıcda bir dəfəyə arzunun ancaq kiçik dozasına gücümüz çatar.
Arzu güclü şeydir. Fikrimizdə ona çatmaq asan olsa da, praktikada bu, böyük cəsarət tələb edir. Arzu sizə o qədər macəra gətirəcək ki, bundan artığı heç lazım da olmayacaq. Təhlükəsizlik hissi bir anın içərisində buxarlanıb yox olacaq. Əvəzində həm darıxma hissi çəkilib gedəcək, həm də işinizi, ailənizi və evinizi saxlayacaqsınız.
Həyat sizin hər hansı işlə məşğul olduğunuza görə yox, həmin işə olan sevginiz sayəsində dolğunlaşır. Yazıçılıq hər adamı qorxutmur. Entoni Börcess deyirdi ki, roman yazmaqda çətinliyi yoxdur. O, asanlıqla, özü də pul üçün yazırdı, çünki hər şeydən artıq başqa işi – simfoniya bəstələməyi sevirdi. Bəstəkarlıq onun üçün yazıçılığın Cerri üçün olduğu qədər cəlbedici idi. O, bəlkə də romanları simfoniyalardan qaçmaq üçün yazırmış! Cerri, Meri Ceyn və Donna arzuları üzərində dərhal işə başlamaq və bir həftədən sonra hesabat vermək tapşırığı aldılar. Müddətin sonunda onlar aşağıdakı məlumatları verdilər.
Cerri: «Məlum oldu ki, mənim işim rahat nəfəs ala biləcəyim təhlükəsiz sığınacaqdır! Bir neçə saat ssenari yazandan, özümü sanki qeyri-müəyyənlikdə – açıq kosmosda hiss edəndən sonra, iş yerində özümə inam və səriştəli olmağım dozası alıram! Sən demə redaktə etməkdən zəhləm getmirmiş. Sadəcə özümü redaktor hesab etmək istəmirmişəm. İndi mən ssenaristəm, ona görə də redaktor olmağım məni narahat etmir».
Meri Ceyn: «Ətrafımda çoxlu yaxşı adamlar var və onlar mənə dəstək verirlər. Rəisim dedi ki, mənə istənilən vaxt dinləyişlərə, alınsa qastrollara da getməyə icazə verəcək. Mənim səsim onların çox xoşuna gəlir! Onlar istəyir ki, mən uğur qazanım. Onlar çox yaxşı adamdırlar və heç vaxt mənim problemlərimin səbəbi olmayıblar».
Donna: «Mənə sanki vəyh gəldi. Mən kimin tərəfindəyəm? Mənim işimə bacılarımın xor baxmasına özüm kömək edirəm! Məgər o, bu qədər pisdir? Hər halda mən nə killerəm, nə də oğru. Burada utanmalı bir şey yoxdur. Nə vaxtdan mənim kim olduğumu mənim işim müəyyən edir? Mənim kimliyimi işim müəyyən etmir».
Həmkarı Donnaya lövhə bağışlayıb, o da onu fəxrlə masasının üstünə qoyub. Lövhədə yazılıb: «Pişiyin kürəyində zolaqlar varsa, bu onun dənizçi olduğu deməkdir?»
İşinizi günahkar saymaqdan əl çəkə bilsəniz, o dəqiqə hər şey olduğu kimi göstərən hərəkətlərə keçə biləcəksiniz.
Donna landşaft dizaynı kurslarına yazılıb. O, mütəxəssis olduğuna inanmaq, özünün çox qiymətli olması ilə heç bir işə yaramaması haqqında fikirləri arasında vurnuxmanı dayandırmaq üçün, vərdişləri lap başlanğıcından mənimsəməyi qərara alıb. Xəyallardan gerçək hərəkətə keçid – vərdişlərin əldə edilməsi, ona həm müəyyən sakitlik, həm də özünə inam gətirəcək. Cerri səhər, işə getməzdən əvvəl iki saat yazır, axşamları isə arvadı ilə xoş keçirir. Meri Ceyn, rəisinin xeyir-duası ilə, işdən dinləyişə gedir, sonra isə geri qayıdıb həmkarlarının qayğıkeşliyi və diqqətindən ləzzət alır.
Onların hər biri, heç nəyi qurban vermədən, elə indi macəra dolu həyat yaşayır. Görürsünüz nə baş verir? Siz həqiqətən sevdiyiniz işlə məşğul olmağa başlayan kimi ruhunuz vəcdə gəlir, şüurunuz yeniliyə açılır və hər şey dəyişir. Siz oyanırsınız.
Əsl macəra bax budur.
Heç kimə imkan verməyin ki, sizi bu fikirdən yayındırsın. Macəranın gün ərzində cəmi bir saat, ya da karandaş və kağız götürüb öz qonaq otağınızda oturduqda baş verməsi mühüm deyil!
Eynşteyn, Nyuton və Keplerin ən böyük macəraları belə baş verib. Şekspir, Motsart və Leonardo da Vinçininki də.
Beləliklə, sizin probleminiz heç də təhlükəsizliklə bağlı deyil.
Siz hələ də qorxursunuz.
Bəs əsl səbəb nədir.
Yaradıcı adamlar məhz onlar üçün unikal görünə biləcək çətinlik hiss edirlər, hərçənd iş arzunun həyata keçirilməsinə gələndə bununla hamı rastlaşır. İncəsənətlə məşğul olmaq – xəyalları gerçəkləşdirmək kimidir: hər saniyə tamamilə yeni bir şey gətirir.
Yenilikdən hamımız qorxuruq.
Bu yaxınlarda rəfiqəm mənə dedi: «Bilmirəm niyə çini ilə məşğul olmuram. Mən bunu çox sevirəm, amma etmirəm. Şkafı töküb yığmağa, bazarlığa getməyə, yaxud nəsə tikməyə nə qədər istəyirsən imkan tapıram, amma sonra şikayət edirəm ki, çiniyə vaxt yoxdur». Yaradıcılıqla məşğul olmağın qorxusu nədədir? Ən azı, heç bir narahatçılıq gətirməyən gündəlik işlərdən yeniliklə bağlı olan yüksək şüurluluq səviyyəsinə keçməkdə. Yeninin öyrənilməsi və yaradılması riskli məşğuliyyətdir. Bu barədə fikrin özü belə bundan qaçmağın müxtəlif variantlarına gətirə bilər. Ola bilsin ki, yaradıcılıqla məşğul olanda həddindən artıq şeylər görməyə başlayırsınız. Bəlkə sizi öz istedadınızın miqyası qorxudur (Bəzən əsl istedadın adamı necə qorxutduğunu hesabdan silmək olmaz). Əsl istedada malik olmaq atom bombasını udmaq kimi bir şeydir. bu çox qorxuludur. Rəssamlar yeniliyi görə bilmək üçün bütün tanış şeyləri atmalı olurlar. Siz də, rəssam olsanız da, olmasanız da. Yeni şeylər risklidir və təkamül bizə riskdən qaçmağı öyrətmək üçün uzun müddət işləyib, daxilimizdə yeni şeyləri vərdişə çevirən güclü mexanizm yaradıb.
Yeni olan adət etdiyimizə qarşı
Mən yeniliyə adət etmək, onu özümün ikinci təbiətimə çevirmək üçün çoxlu güc sərf edirəm. Siz də. Mən bilirəm ki, hər şey həmişə tamamilə təzə olacaqsa həyatda öz yolumu sala bilməyəcəyəm.
Əksər şeyləri avtomatik etməyi bacarmaq lazımdır, yoxsa çəngəli götürənə və ya yolu keçənə qədər çox fikirləşmək lazım gələcək.
Birinci addım atmaq – yeni şəhərə getmək, birinci dəfə sükan arxasına oturmaq nə qədər də güclü, həyəcan verici və qorxuducu bir təcrübədir! Xoş həyəcana və təəssüratların intensivliyinə olan sevgimiz həmişə tanış, öyrənilmiş olana ehtiyacımızla mübarizə aparır. Biz yeni təəssüratları mənimsəyib onları vərdişə çevirə bilməsək sağ qala bilmərik. Vərdiş mexanizmi bizim dostumuzdur.
Problem ondadır ki, onun «Söndür» düyməsi yoxdur. O, həmişə işləyir! Və həyəcanlanma xoşuna gəlmir!
Hərçənd çox narahat olmaq da lazım deyil, çünki indiki macəranın mənası məhz vərdiş mexanizminin yanından ötüb keçməkdədir. Təkrar edim ki, bu, təkcə yaradıcı adamlar deyil, hamı üçün belədir. Utancaq adamın vəzifəyə və ya şəxsi həyatını qurmağa doğru cəsur addım atması Meri Ceynin ağzına qədər dolu zal qarşısında ariya ifa etməsi qədər təzə, qorxuducu və gözəldir! Bütün günü başqalarının qayğısını çəkən «yaxşı analar» bir axşamı həqiqətən sevdikləri məşğuliyyətə – bu, sadəcə kitab oxumaq olsa belə – həsr edirsə, bu, yeni incəsənət əsəri yaratmaq qədər təzə, intensiv və yaradıcı təəssüratdır!
Mən «yaxşı analar» deyəndə həmişə özgələrinin maraqlarını özününkündən üstün tutanları, məsələn gələcək yazıçılara dərs deyən, hər şeyi tələbələrə verib özünə az şey saxlayan Virciniya kimi istedadlı müəllifləri nəzərdə tuturam. Yaxud işə gedən, volontyorluqla məşğul olan, ərinin layihələrinə, övladlarının dərslərinə kömək edən və bütün ev işlərini boynuna götürən «superana» Syu D.ni. Belə səxavət onlar üçün dərin məmnunluq mənbəyidir. Bu, sevginin təzahürüdür və verənin həyatını zənginləşdirir. Lakin müəyyən andan sonra «etibarlı işin» lehinə seçim etməyə çevrilir. Siz həddindən artıq çox şey verirsinizsə və bunun əvəzini çox vacib şeylərlə ödəməli olursunuzsa, deməli siz də təhlükəsiz variantı macəralardan üstün tutursunuz.
Hansı yolla? Sizin yolunuz gözəl, əvəzedilməz adam olmaq və hər şeyi düzgün etməyin sizin iradənizə tabe olduğunu hiss etməkdir. Bu, həm də özünü günahlandırmaq hissindən xilas olmağın əla üsuludur.
Nə etməli?
Kiçik bir tapşırığı yerinə yetirməyinizi xahiş edəcəyəm.
Çalışma 4. Sevgi sınağı
İmtina edə biləcəyiniz gündəlik işlərdən birini seçin və onu həqiqətən sevdiyiniz işlə əvəz edin. Bir şərtlə: yalnız başqaları üçün etdiyiniz şeylərdən imtina etmək olar. Özünüz üçün etdiyiniz şeylərdən imtina etmək olmaz! Ərzaq almağa getməkdən, uşaqları hovuza və ya ərinizin paltarlarını kimyəvi təmizləmə məntəqəsinə aparmaqdan imtina edin. Sizin heç olmasa yarım saat asudə vaxtınız yaranmalıdır və siz bu vaxtı ancaq özünüzə, özünüzün ləzzət almağınıza sərf etməlisiniz.
Vəssalam. Tapşırıq bundan ibarətdir.
Bir dəfə mən bunu Oreqonda qadınlar üçün apardığım «vaxtın idarə edilməsi» ustad dərslərində sınaqdan keçirdim. Qadınlar karıxıb qaldılar. Təklifimin ciddi olduğunu anlamalarına bir-neçə dəqiqə vaxt tələb olundu, sonra isə qalxıb nədən imtina edəcəkləri haqqında danışmağa başladılar.
– Mən daha köynəkləri ütüləməyəcəm, – bir qadın dedi.
– Mən kompüterdə uşaqların dərs tapşırıqlarını yığmayacam, – başqası bildirdi.
Və proses başladı! Ustad dərslərindən sonrakı bütün axşam, növbəti günün səhəri otelin vestibülündə, liftlərində və restoranında qadınlar sui-qəsdçi görkəmi ilə bir-birindən soruşurdular: «Sən nədən imtina edirsən?»
Onları yaxınlarının şikayət edəcəyi halda yaranacaq günahkarlıq hissindən qorumaq üçün, qadınlara qısa, çox sərt, amma ədalətli bir nitq imla etdim. Sizin də istifadə etmək fikriniz yaranarsa buyurun:
«Mən mağazaya gedir, yemək hazırlayır, yatağınızı yığışdırır, sizi hara lazımdırsa aparır, sizinlə bölüşdürmək üçün pul qazanıram. Özü də bunu məmnuniyyətlə edirəm, çünki sizi sevirəm. Mən istəyirəm ki, sizin təhsil almaq, öz işinizlə məşğul olmaq və yaxşı yaşamaq üçün sərbəstliyiniz olsun. İndi bilmək istəyirəm ki, məni, mənə də yaxşı olması üçün yarım saat vaxt ayıracaq qədər sevirsiniz, yoxsa hazırlanmış şam yeməyini daha artıq sevirsiniz? Siz şam yeməyini daha artıq sevirsinizsə, mənə bunu bilmək çox vacibdir».
Anaların, elə onların ailələrinin də oyanması zamanıdır. Soyuducunun qapısına belə bir elan yapışdırın: «Bu evdə hamı ona lazım olanı alır, ana da həmçinin».
Uşaqlar məktəbdən qayıdıb, ana kabinetdə şer oxumaqla məşğul olduğu üçün, şam yeməyinə tərəvəz doğramağa başlayanda, bütün ailə macəranın məğzinin nədən ibarət olduğunu anlayacaq.
İndi isə icazə verin çox vacib bir sual verim.
Sizin macəranız necə olacaq?
Siz nəyi doğrudan da istəyirsiniz?
Siz müəyyənlik adamısınızsa, sevdiyi işlə məşğul olmayanlardan fərqlənir və çox güman ki, nə istədiyinizi bilirsiniz. Sadəcə sizi cəlb edən «riskli macəralardan» sığortalanmaq üçün «etibarlı iş» növündən olan məşğuliyyətdən yapışmısınız. Siz demək olar ki, həmişə bu macəranın nədən ibarət olduğunu təsəvvür edirsinz. Bununla belə onu götür-qoy etmək üçün müəyyən cəsarət lazımdır və mən bu prosesi mümkün qədər təhlükəsiz etməyə çalışacağam. Gəlin iki şeyi təsəvvür edək. Birincisi, siz çox cəsarətli adamsınız və sizi heç nə dayandırmır. İkincisi, fərz edək ki, siz heç vaxt uğursuzluğa düçar olmayacaqsınız. İndi isə məhz nə edəcəyinizi söyləyin – kağıza ya da diktafona yazın.
Çalışma 5. Cəsarətli olsaydınız və mütləq uğur qazanacağınızı bilsəydiniz nə edərdiniz?
Syu D., 47 yaş, superana və könüllü: «Mən Yunanıstanın tarixini və yunan dilini öyrənər, hər yayı bu ölkədə, Platonu oxumaqla, keçirərdim».
Virciniya, 33 yaş, ədəbi ustalıq müəllimi: «Mən hər səhər saat 9-dan onikiyə qədər yazar, nahardan şam yeməyinə qədər uşaqlarla oynayar, şam yeməyindən sonra yenə iki saat yazardım».
Bob, 50 yaş, alim: «Mən hər ölkədə bir il yaşayardım».
Cudi, 33 yaş, proqramçı: «Kompüterlərlə deyil, adamlarla işləyərdim».
Sindi, 34 yaş, kollecdə inzibatçı: «Mən Kaliforniyaya köçər və öz biznesimi başlayardım».
Lakin sizə elə gəlmir ki, insanların əksəriyyəti tənbəllik edir və onlar lazım olan yeganə şey sadəcə «götürüb etməkdir»?
Bu, qətiyyən belə deyil. Mən dərindən inanıram ki, heç kim tənbəllik etmir. Avtobusa çatmaq üçün necə qaçdığınızı, güclü təəssürat yaratmaq üçün necə diqqətlə geyindiyinizi yadınıza salın. Siz doğrudan da tənbəl olsaydınız, bu işlərdə də tənbəl olardınız.
Mərc gələrəm ki, siz pəncərələri qışa hazırlamaq və ya maşını yumaq lazım gələndə özünüzü tənbəl hesab edirsiniz, elədir? Bu əsil tənbəllikdir, hə?
Amma, yox. Bu müqavimətdir. Siz sadəcə bunu etmək istəmirsiniz. Mümkün olsaydı siz bundan imtina edərdiniz. Amma belə imkan olmadığından vaxtı uzadırsınız. Yəqin ki, axmaqlıqdır, amma hamımız özümüzü belə aparırıq. (Mən müqaviməti qırmaq, sizi güldürmək və enerjinizi geri qaytarmaq üçün xüsusi olaraq «Çətin zamanlar» adlı isteriya sessiyasını fikirləşmişəm. Texnika mənim «Arzulamağın ziyanı yoxdur» kitabımda təsvir edilib. Belə problemlə rastlaşsanız ora baxın.)
Lakin siz doğrudan da nəsə etmək istəyirsinizsə, amma etmirsinizsə səbəbi daha mürəkkəbdir. Siz özünüzlə mübarizə edirsiniz. Bu isə adamı üzür.
Siz daxili münaqişə ilə üzləşmisiniz.
Hər dəfə sevdiyiniz məşğuliyyətdən yayınanda daxili münaqişə baş verir. İki böyük qüvvə bir-biri ilə mübarizə edir və sizi yerinizdən tərpənməyə qoymur. Qüvvənin biri deyir: «Hərəkət et». Digəri deyir: «Dayan». Nəticədə siz yöndəmsiz, gərgin hərəkətsizlikdə asılıb qalırsınız.
Hərəkət etmək arzusunda olan qüvvəni ona müqavimət göstərən qüvvəyə qalib gəlməyə inandırmaq yalnız xırda, müvəqqəti həllər verir. Ayaqqabınızın içinə düşmüş daşları dilə tutmaqla çıxarmaq mümkün olmadığı kimi, problemi də həll etmək mümkün deyil. «Götür və et!» kimi qəlib şüarlar uzun müddətli kömək baxımından çox səthidir. Bu, «Mənfi fikirlərə məhəl qoyma. Həyat – biz onu necə ediriksə, elədir. Özünə mən təhlükəsizlik-dəyəm de – təhlükəsizlikdə olacaqsan» kimi reseptlərə də aiddir. Sizi saxlayan qüvvənin öhdəsindən gəlməyin yeganə üsulu ona hörmətlə yanaşmaq, haradan alındığını və sizi niyə dayandırdığını aydınlaşdırmaqdır.
Gəlin Cudinin bu məsələni necə həll etdiyinə baxaq.
Ehtiyatlı Cudi
Cudi həmişə son dərəcə ehtiyatlı idi. Hər qərarını onu uzun müddət öyrəndikdən və müxtəlif adamlarla çoxlu sayda məsləhətləşmələrdən sonra verirdi. Bəzən, ən son anda, hər şey səyahət kimi yaxşı işlənib hazırlanmış, dəqiq planlaşdırılmış layihələrdən imtina etməklə qurtarırdı. Proqramçı işi heç vaxt onun xüsusi xoşuna gəlməmişdi, onu dəyişməyə isə nədənsə qətiyyəti çatmırdı. Onun arzuları sizin üçün o qədər də möhtəşəm görünməyə bilər, amma ona səma qədər əlçatmaz görünürdü. O, kompüterlərlə deyil, adamlarla işləmək istəyirdi. Lakin ilk addamı ata bilmirdi. Tərəddüd, elə risk üçün də, aşkar səbəblər görünməsə belə, Cudi yerindən tərpənmirdi. O, sadəcə ilişib qalmışdı.
«Bilmirəm niyə, amma imtahan cədvəli bərkidilmiş lövhəyə belə yaxınlaşa bilmirəm», – deyirdi. Müqavimət, əks qütbü çevrilmiş maqnit kimi, onu hər bir hərəkətdən uzağa itələyirdi.
Cudi möhkəm qorxub, amma bunu dərk etmir. O, qorxunu hiss etmir, çünki həmişə sığortalanır. İmtahan cədvəlinə yaxınlaşmırsa nədən qorxsun ki? Təhlükə hissi ilk addımlarda yaranır, ona görə də o, heç bir addım atmırdı.
Cudini nə qorxutmuşdu?
Təhlükəsizlik ehtiyatı
Uşaq vaxtı «orqanizminizdə» kifayət qədər təhlükəsizlik «toplamısınızsa», macəralara doğru sakitcə gedə bilərsiniz. İstənilən halda, təbiət bizdə həm birinin, həm də digərinin: uzun müddət yaşamaq və nəsli davam etdirmək üçün təhlükəsizliyin, ov, tədqiqat və yarınızı tapmaq üçünsə macəranın olmasını istəyir.
Siz arzularını yerinə yetirməyə cəhd göstərməyən adama rast gəlirsinizsə, deməli uşaqlıq dövründə onda təhlükəsizlik hissi yaranmayıb. O, nəsə bir qorxu hiss edir. Bu gün də, heç bir görünən səbəb olmadan, qorxu hiss edirsinizsə, deməli bu səbəbi keçmişinizdə axtarmaq lazımdır.
Cudinin halında bu səbəblər güman ki, erkən uşaqlıqda gizlənib. Onların ailələri qəza vəziyyətində idi. Atası uşaq xasiyyətli anasını beş uşaqla atıb getmişdi. Evdə tam nizamsızlıq idi və heç bir şey düzgün edilmirdi – ailə daim dağılmaq təhlükəsi həddində yaşayırdı. Cudi, altı yaşı tamam olanda, artıq sayıq olmağı öyrənmişdi. Bir dəfə anası onun balaca bacısını supermarketdə unutmuşdu. Evə dönəndə ağlamış, keyləşmiş və hər hansı bir iş görmək qabiliyyətini itirmişdi. Altı yaşlı Cudi uşağı axtarmağa qaçmışdı. Bu çox vaxt aparmışdı, çünki uşağın hansı mağazada qaldığını bilmirdi. Nəhayət mallarla dolu keçidin sonunda, kolyaskada sakit oturmuş körpəni tapmışdı. Cudi böyük rahatlıq hissi ilə kolyaskanı küçəyə çıxartmış, amma evdən çox uzaqlaşdığı üçün geriyə yolu çətinliklə tapmışdı.
Bu, bu növ hadisələrdən ən əhəmiyyətlisi olmuşdu, amma bundan daha az əhəmiyyətliliəri də kifayət qədər idi. Ona görə də, qız baş verə biləcək istənilən xoşagəlməz hadisəni qabaqlamağa çalışır və inanırdı ki, istənilən risk onların bütün həyatını məhv edə bilər.
İndiki zamanda da hər şey ona son dərəcə riskli görünür.
Ehtiyat tədbirlərə Cudi dərəcədə meylli olmağa üstün gəlmək mürəkkəb məsələdir. Əlbəttə o özü keçmiş təcrübəsi haqqında bilirdi, amma bu keçmişin öz güclü təsirini indi də saxladığını anlamırdı. Uzaq uşaqlığımız-da baş vermiş hadisələrin bizi ikiqat sığortalanmağa məcbur etdiyini çoxları anlamır.
Amma hərdən məhz belə olur.
Buna görə də, məndən «arzuladığınıza müstəsna olaraq öz təqsiriniz üzündən çatmamısınız» sözlərini eşitməyəcəksiniz. Ümid edirəm ki, heç kimə, hətta özünüzə belə, «siz kifayət qədər səy göstərmirsiniz, çünki əslində dəyişmək istəmirsiniz» fikrini sizə sırımağa icazə verməyəcəksiniz. Çünki bu benzini olmayan maşına «sən getməyi o qədər də istəmirsən» demək kimi bir şeydir. Mənə inanın, sizin ehtiyatlı olmağınızın səbəbi belə olmağı istəməyiniz deyil.
Amma dəyişmək üsulu mövcuddur.
Nə qədər istəsək də, problemin üz-üzə hücumla həll edilə bilməyəcəyini anlamaq vacibdir. Amma biz bunu istəyirik, ona görə də «birbaşa» hərəkət etməyə çağıran özünütəkmilləşdirmə proqramları bizə cəlbedici gəlir və bizi «şəxsi özünütəkmilləşdirmə istiqamətində beş sadə addım» üçün bir qucaq pul sərf etməyə şirnikləndirir.
EST treninqlərdə iştirakçıları «zibil» adlandırırlar. Əlbəttə, bu ekstremal variantdır, amma sizi uğura gətirməyi vəd edən bütün proqramlar deyəsən məzəmmətin bu və ya digər forması əsasında qurulur. Onlar belə deyirlər: «Belə korazehin olmağı boşlayın! Özünüzün yaramaz gerçəkliyinizi özünüz yaradırsınız. Sadəcə şeylərə baxışınızı dəyişmək lazımdır!» Bu da bizim çox xoşumuza gəlir. Adamı təzələyir və ruhlandırır. Biz oradan yenilənmiş qətiyyətlə çıxırıq.
Lakin bir müddət keçəndən sonra yenə köhnə vəziyyətə qayıdırıq. Niyə? Çünki gizli olan, son dərəcə inadkar hiss bizi ideal davranmamağa vadar edir və biz onunla məsələni axıra qədər həll etməmişik. Bütün şəxsi tarixçənizi xalçanın altına itələyib, sonra onun üstündə rəqs etmək mümkün deyil. Siz mütləq büdrəyəcəksiniz.
Sizi nəsə qorxudub
Siz qorxaq olmağı qərara aldığınız üçün qorxmursunuz. Sizi nəsə qorxudub! Siz sadəcə səbəbini yadınıza sala bilmirsiniz. İnanın, ehtiyatlılıq pərdəsi həmişə daxildə baş verən dramı gizlədir. Siz də bunun nədən ibarət olduğunu bilməlisiniz.
Lakin əvvəlcə özünü qınamağı dayandırmaq lazımdır.
Heç kim özünə qarşı «etibarlı işin» tərəfdarlarından daha rəhmsiz deyil. Onlar haradansa belə nəticəyə gəliblər ki, özlərinə qarşı ciddi olsalar öz davranışlarına təsir edə və onu yaxşılaşdıra bilərlər.
Belə adam «Bu mənim təqsirimdir, – deyir. Mənim iradəm olsaydı özümü ələ alar və hər şeyi edərdim. Səbəb ancaq mənim özümdədir».
Amma özünüzü danlamağınız faydasızdır. Mən uşaq olanda belə bir fikir dəbdə idi ki, uşaqlar özlərini düzgün aparmamaqdan ötrü ölürlər. Bunu kim fikirləşibsə bu nəticəyə mürəkkəb intellektual dolanbaclarla gəlib çıxıb. Axı heç kim öz həyatını məhv etmək istəmir. Yadınıza salın: iki almaq, kökəlmək və valideyinlərinizi əsəbiləşdirmək çoxmu xoşunuza gəlirdi? Əlbəttə yox. Eyni şey həyata çox ehtiyatla yanaşmaya da aiddir: siz bunu istəmirsiniz.
İstənilən halda, hətta sizin bütün bu qüsurlarınız mövcuddursa belə – mən isə təkid edirəm ki, bu belə deyil – özünüzü danlamağın xeyri yoxdur, çünki özünü qınamağın iradəyə təsiri yoxdur. Əslində öz davranışını qınamaq yenə də yayınmaq deməkdir. Özünüzü danlamaqla nəsə ləyaqətli bir iş gördüyünüzü düşünürsünüz. İnanın mənə, bu illüziyadır. Bu, bir cəza kimi də faydasızdır. Özünüzü qınamağı dayandıranda böyük, azad bir fəza yaranacaq və siz də onu doldurmağa bir şeylər tapacaqsınız.
Başqalarına da sizi qınamağa imkan verməyin. Başqasını qınamaq çox asandır. Bunu hər axmaq bacarar.
Həqiqi dəyişikliklərə nail olmaq üçün siz probleminizin əsaslı səbəbi olduğunu anlamalı və bu səbəbi tapmalısınız.
Yalnız bu halda onu düzəldə biləcəksiniz.
Niyə bizə pis davranışımızın səbəbini axtarmağı öyrətməyiblər? Güman edirəm ona görə ki, qısa perspektivdə özünü qınamaq düşünməkdən qat-qat asandır.
Belə ki, gəlin sizin vəziyyətinizi bir qədər götür-qoy edək.
Başınızda hansı çağırışlar səslənir?
Bu səslərin üç növü var:
«Yox» deyən səs sizə qorxmağı öyrətmiş yaşlı adama məxsusdur. Valideynə, müəllimə, böyük qardaşa və ya bacıya. Bu səs daxilinizdə məskunlaşıb və hərəkət etməyə imkan vermir. Alisiyanın valideynləri onunu hər bir dost qazanmaq və ya yeni işlə məşğul olmaq cəhdinə onu qorxutmaqla cavab verirdilər. Onlar, sanki hər döngənin arxasında bir təhlükə gizlənirmiş kimi, onu ehtiyatlı olmağa, yalnız yoxlanılmış şeyləri etməyə çağırırdılar. Anası da, atası da mühacir ailələrinin kiçik uşaqları olmuşdular və onların yeni dünyadakı həyatlarını böyük uşaqlar idarə edirdilər. Buna görə də Alisiyanın valideynləri təşəbbüs göstərməyi və qərar qəbul eləməyi bacarmırdılar. Onların dünya ilə, onlara əminlik verə biləcək qarşılıqlı əlaqə qurmaq təcrübələri çatışmırdı. Ailə ismarıcları, bizə səfeh görünsələr belə, canımıza hopurlar. Biz belə öyrənirik. Bizim şüurumuz bizi təhlükələrdən qorumağa köklənib, ona görə də erkən uşaqlıq dövründə «dünya çox qorxuludur» xəbərdarlığını dönə-dönə təkrar edən belə səsləri daxilimizə daha asan buraxırıq. Alisiya valideynlərinə asanlıqla deyə bilərdi ki, onlar həddindən artıq ehtiyatlıdırlar, amma onların səsi artıq Alisiyanın başında möhkəm oturmuşdu. İndi hər dəfə qoçaq bir hərəkət etməyə qərar verəndə Alisiya təlaşlanır və geri çəkilməyə çalışır. O, yeni iş yerlərindən çıxır, görüşlərə gəlmir, böyük toplantılardan qaçır.
Valideynləriniz vəziyyəti o qədər öz axarına buraxmışdılar ki, siz özünüzə valideyn səsi icad etmişdiniz. Valideynləriniz məsuliyyətsiz, etibarsız və ya idarə edilməz olublarsa, özünüz özünüzə valideynlik etməli olmusunuz. Necə? Sizi danlamaqla, intizama riayət etmək və bivecliyə yol verməməyin vacib olduğunu xatırlatmaqla təhlükəsizliyinizi təmin edən səs icad etmisiniz. Valideyinlərinizin məsuliyyətsizliyi nə qədər artırdısa, bu səs də o qədər bərk səslənirdi.
Nəzarət problemi və magiya
Dünya nəzarətdən çıxanda biz insanlar qəribə işlər görürük – magiya ixtira edirik. Biz xüsusi oyunlar oynamaqla kainata nəzarət etməyə çalışırıq. Əslində biz həyatımızı tam sığorta edə bilmirik – zəif sağlamlıq, müharibə və iqlim bizə istənilən vaxt təsir edə bilər. Heyvanlar bu acizliklə birtəhər barışırlar, lakin biz buna dözə bilmədiyimizdən özümüzü nəsə edirmiş kimi göstəririk. Nadin paltarının halına çox tələbkardır. Paltar nöqsansız təmiz olmalı və otaqda ideal qaydada yerləş-dirilməlidir. Nadin bunu erkən uşaqlıqdan belə edir. Bu da onun magiyasıdır. Hindlilərin yağış yağdırmaq üçün etdikləri rəqs kimi, bu da ona idarə edilməz kainata təsir etməyin mümkünlüyü hissi verir. Bu necə təzahur edir? Valideyn nəsihətini oxuyan səs şəklində: «Bir özünə bax! Paltarın çirklidir. Corabların deşilib. İyrənc gorunürsən». Hər il tələblər artır… Bu gün Nadinin başında yalnız valideynlərin ola biləcəyi dərəcədə sərt bir tiran yaşayır. O, Nadinin hər addımına nəzarət edir. Nadin paltarları səliqə ilə qatlamaqla anasını normal anaya çevirə bilməyəcəyini anlamayana qədər, özünə sırınmış davranışın girovu olaraq qalacaqdır.
Sizin ailənizdə «yox» səssiz komanda olub – siz onu heç vaxt eşitməmisiniz, amma o, həmişə havada uçub. Bəzən, Sindidə olduğu kimi, səsin mənbəyinə gedib çatmaq çox çətin olur. Onun xatırlamağı xoşladığı gözəl uşaqlığı olub. Valideynləri onu sanki heç vaxt qorxmayıblar, çünki hər şey nəzarətləri altında olub. «Evimizdə heç vaxt heç bir şey baş vermirdi. Hamı xoşrəftar idi və hər şey düzgün edilirdi. Biz hamımız sanki xoşbəxt idik. Heç kim xəstələnmirdi və heç vaxt şorbanın suyu qaynayıb soğulmurdu. Atam hər gün evə saat altının yarısında gəlir, anamın şam yeməyi isə həmişə hazır olurdu. Sonralar heç vaxt bu dərəcədə nizamlanmış ailə həyatı görməmişəm. Bizim maşının təkərləri belə heç vaxt boşalmırdı!» Sindi oxumağa evin yaxınlığındakı bələdiyyə kollecinə getmiş, sonra elə orada da – idarədə işləməyə qalmışdı. İşi xoşuna gəlirdi. O, köhnəlmiş modeli dəyişərək maliyyənin təşkilinin əla bir sistemini yaratmış və böyük nəticələrə nail olmuşdu. «Sistemlər və ədədlərlə işləmək, hər şeyi təşkil etmək bacarığı mənim təbiətimdədir. Mən bu işə məftunam». Lakin daim onun əmək haqqını az verir və onu kifayət qədər qiymətləndirmirdilər. O, bu işlə başqa bir yerdə, məsələn Kaliforniyada, məmnuniyyətlə məşğul olardı. Mən dedim ki, o, məsləhətçilik biznesi qurub, bütün ölkə boyu belə kolleclərin inzibati problemlərini həll edə bilərdi. Biz birgə beyin hücümü etdik və uyğun məlumatı tematik jurnallarda yerləşdirmək üsulları tapdıq. Plan tam həyata keçirilə bilən görünməyə başladı. Amma axırda Sindi etiraf etdi ki, indiki işindən çıxmaqdan möhkəm qorxur. Onu «hər şeyin nəzarətdən çıxacağı» qorxudurdu. O, niyə belə qorxurdu? Axı uşaqlıqda ətrafındakı hər şey gözəl təşkil edilmişdi. Mən Sindiyə təklif etdim ki, valideyinlərindən onların uşaqlıqları barədə soruşsun. Nəticədə dəhşətli bir sirin üstü açıldı. Məlum oldu ki, atasının çox dəhşətli keçmişi olub, lakin Sindi bu barədə heç nə bilməyib. Atasının qardaşı şizofrenik olub və bütün ailəni qorxu içərisində saxlayıb. Sindinin atası qohumlarını xəstə qardaşından qorumaq üçün əlindən gələn hər şeyi edib, lakin axırda evdən getməli olub. O, vəziyyətin nəzarətdən çıxmasının nə olduğunu bildiyindən, öz ailəsində belə şəraitin yaranmasını istəməyib və ailə rahatlığını sevən, münaqişələrə nifrət edən xoşxasiyyət bir qadınla evlənib. Onlar bir yerdə təhlükəsiz liman – Sindinin böyüdüyü evi qurublar. Lakin onun etdiyi hər şey, keçmişdə keçirdiyi təhlükəni nəzərə almaqla, təhlükəsizlik və nəzarətin bərqərar olmasına xidmət edib və övladları da hansısa üsulla bunu duyublar.
Belə səslərə etinasız yanaşmaq olmaz, amma onların göstərişi ilə özünü məhdudlaşdırmaq da vacib deyil. Bəzən problemin keçmişdən gələn səs olduğunu anlamaq kifayətdir. Amma hərdən bunu bilmək kifayət deyil və irəli getməzdən əvvəl problemin üzərində işləmək lazımdır.
Cudi və Sindi bunu belə etmişdilər.
Cudi təhlükə xəbərdarlığı sistemini işə salmamaq üçün kiçicik addımlarla hərəkət etmişdi. O, qarşısına bircə məqsəd qoymuşdu: hərəkət etməsinə mane olan təhlükə hissini azaltmaq. Planlaşdırılmamış hərəkətləri etməkdən qorxduğu üçün, özünə əmr etmişdi ki, könlü dondurma istəyən kimi bayıra çıxıb onu alacaq. Həm sanki heç bir risk yoxdur, həm də bu, sonradan özünün qurduğu digər təhlükəsizlik qaydalarından kənara çıxmaq üçün atılmış ilk addım idi. Bu kiçicik addımlar onun üçün təhlükəsiz olan kimi, Cudi daha qoçaq hərəkətləri planlaşdıra və həyata keçirə biləcəkdi.
Sindi köçmək istədiyi şəhərin bələdiyyə kollecinin peşə yönləndirmə şöbəsində iş axtarmağa başladı.
Bundan başqa özünü işə qəbul haqqında yerli elanları nəzərdən keçirməyə də vadar edir. Bələdiyyə kolleclərinə satmaq üçün proqramı işləyib-hazırlamaq üçün bütün boş iş yerləri haqqında məlumata malik olması vacib olduğundan, birdən özünə ideal uyğun gələn işə də rast gələ bilərdi.
Təhlükəsizliyi macəradan üstün tutanların hamısı kiçicik addımlardan başlamalıdırlar. Ona görə də kiçik də olsa məqsəd qoyun və ona çatmaq üçün plan qurmağa başlayın. Aktyor olmaq, karate öyrənmək və ya yürüşə çıxmağı qərara alın. Bu məqsədə çata bilib-bilməyəcəyinizdən narahat olmayın, hansı istiqamətdə addım atmağınızdan asılı olmayaraq macəranı təmin edirsiniz. Etməli yeganə şey, minimal risk çərçivəsində, özünü yeni qaydada aparmaqdır.
Məqsədə çatmaq üçün edilməsi lazım olan işlərin siyahısını yazın. Ayrı-ayrı mərhələlər üçün zaman məhdudiyyəti qoymayın, sadəcə onları düzgün qaydada sıralayın (Planlaşdırma barəsində tövsiyələr fəsil 6dadır.)
Hələlik «etibarlı işinizdən» imtina etmək lazım deyil – məşqinizi kiçik addımlardan başlayın. Əvvəllər çəkindiyiniz şeylərlə məşğul olun, işə sevgi və risk etmək təcrübəsi sizə kifayət qədər inam verənə qədər «kiçik» risklərə və «kiçik» macəralara gedin. Bəziləri təhlükəsiz işdən getmədən də nəhəng intellektual yeniliklər etmişlər.
Uolles Stivens XX əsrin ən böyük amerikan şairlərindən biri olmuşdur. O da ehtiyatlı olmağa və sığorta şirkətində təhlükəsiz bir işdən yapışmağa üstünlük verirdi – gözəl şeirlərini isə boş vaxtlarında yazırdı.
Mənim qəhrəmanım Albert Eynşteyn isə patent bürosunda klerk işləyirdi və bundan məmnun idi.
Bepul matn qismi tugad.