Kitobni o'qish: «Dağlar»

Shrift:

Yurd həsrəti

(“Qalx ayağa, Azərbaycan” kitabından)

Mən sənət ocağında dünyaya göz açmışam. Bu ocaq təkcə doğulduğum ev deyil, sazlı, sözlü-qədim Göyçə mahalıdır. Pərvanə bulaqlar, köpüklü çaylar, qartalın qıy səsi əsl ilham mənbəyi deyildimi? El toyları, el şənlikləri, adlı-sanlı aşıqların dastan gecələri ömrümün-günümün silinməz xatirələridir. İlkin yaşlarımdan saza, sözə vuruldum. M.Füzulinin ilahi qəzəlləri, M. P.Vaqifin, aşıq Ələsgərin qoşmaları, M. Ə.Sabirin ölməz satirası, S.Vurğunun lirikası varlığıma hopdu. Atam aşıq idi. Saz çalmağı ondan öyrəndim, yerdə qalanlar isə təbiətin qismətidir.

Mətbuatda dərc olunmamış yazılarım el-oba tərəfindən qiymətləndirildi. Bu mənə kələcək yaradıcılığım üçün ümid verdi. Dövrün, zamanın haqsızlığından yazdığım şeirlər hamı tərəfindən müsbət qarşılanmadı. Durğunluq illəri inkişaf yollarıma daş-kəsək ələdi. Göyçə mahalında yaşadığım dövrdə də, 1984–1987-ci illərdə də izimə düşdülər. Lent yazılarımın yayılmağına, kitablarımın çap olunmağına əngəl törətdilər. Bu, heç də məni fikrimdən, əqidəmdən, qarşıya qoyduğum məqsəddən yayındıra bilmədi.

Kommunist partiyasının iyrənc siyasətinin, rüşvətxorluğun, haqsızlığın əleyhinə çıxış etdim. Bu, mənim iqtisadiyyatıma, təhlükəsizliyimə mənfi təsir göstərdi. Ancaq yolumdan çəkindirə bilmədi. Şairin, yazıçının, publisistin yazılarında fəlsəfi fikirlər, siyasi görüşlər yoxdursa, demək, o, sənət adamı deyil. Eli, obası, torpağının 20 %-i yağmalanmış şair bu kök üstə, yurd həsrətilə köklənməlidir. Mənim ömür yolum elə, buradan başlayır. Şair vətəndaş, şair inqilabçı, şair haqsızlığa qarşı barışmaz olmalıdır.

Mən buna nail olmuşam, olmamışam – deyə bilmərəm. hər halda sənətkara el qiymət verir. Müəllifinə xəcalət gətirən “sənət əsəri”ndənsə, abid olmaq, mərsiyyələr yazmaq (onu da yaza bilsən) daha gözəldir.

“Qalx ayağa, Azərbaycan!” kitabımın nəşri də bu məqsədlə işıq üzü gördü. Bilirəm, yazdıqlarımdan xoşu gələn də olacaq, gəlməyən də! Ziddiyyətsiz inkişaf yoxdur. Ümidvaram ki, böyük Azərbaycan xalqı öz poeziyasını, öz sənət incilərini heç bir təkidə, heç bir təzyiqə qurban verməyəcəkdir.

Oxucularıma can sağlığı, ağı-qaradan seçməyi arzulayıram! İqtidarlı, müxalifətli ilk kitabımı xalqımızın inkişafına, azadlıq yollarına həsr etdiyimi bildirərək, növbəti kitabımın nəşrinə qədər Sizdən ayrılıram.

 
Yurd həsrətilə
Dünya cənnət olsa, başdan-ayağa,
Mənim qibləgahım yenə Göyçədir.
İnamım, əqidəm, mənsəbim, dinim,
Qızıl barigahım yenə Göyçədir.
 
 
* * *
Nə müddətdir aranlıyam, dağlıyam,
Buz donduran nəfəsinə bağlıyam.
Mən onun övladı, onun oğluyam,
Axır səcdəgahım yenə Göyçədir.
 
Müəllifdən

Dünya

Mənim ürəyimdə kədəri xal-xal,

Dərdi çəkilməyən yükdü bu dünya.

Ömrü yaşanmamış, meyvəni kal-kal,

Nə qədər budadı, tökdü bu dünya?

Ümmana qərq oldu Nuhun vaxtından,

Fironlar, Şəddatlar küsdü baxtından,

Neçə fatehləri saldı taxtından,

Neçə xanimanlar sökdü bu dünya.

Bir əlində xeyir, o birində şər,

Kimə nə qismətdir, kimə nə düşər?

Haqsızlıq oduna yananda bəşər,

Ah çəkib boynunu bükdü bu dünya.

Ötdü, ötən günlə tapışmaq olmaz,

Qəza yelkənində çapışmaq olmaz.

Onu dayaq sanıb, yapışmaq olmaz,

Kiprikdən asılan tükdü bu dünya.

Bəzən ağı qatdı zər qaşıqlara,

İçirdi taleyi sarmaşıqlara.

Büllur saraylara, gur işıqlara,

Ağır zülmət olub çökdü bu dünya.

Qılınc var, nizə var ipək telində,

Mələklər, iblislər öz əməlində.

Ana torpağımı cəllad əlində,

Hərrac bazarına çəkdi bu dünya.

On il müharibə, on il məşəqqət,

Baxdım əməlinə duymadım riqqət.

Ay Alqayıt, şum eylədi, nəhayət,

Yurdunda mərmilər əkdi bu dünya.

26 iyun 1995-ci il, Xanlar.

Yerlər

 
Hanı zirvəsinə könül verdiyim,
Qoşulub qartala süzdüyüm yerlər?
Lalədən, nərgizdən çələng hördüyüm,
Hanı çiçəyini üzdüyüm yerlər?
 
 
Hanı tez inciyib, gec barışdığım?
Gözünü yollarda qoyub qaçdığım?
Qövsü-qüzehinə qanad açdığım,
Hanı yağışından bezdiyim yerlər?
 
 
Sonu görünməyən bu necə yoldu?
Elində şah olan qürbətdə quldu!
Getdi əlimizdən, görünməz oldu,
Köhlən at belində gəzdiyim yerlər.
 
 
Süründüm dalınca hey dizin-dizin,
Oydu ürəyimi dərd həzin-həzin.
Bahar çiçəyini ilk eşqimizin,
Hanı sinəsinə düzdüyüm yerlər?
 
 
Hanı vəfasından giley etdiyim,
Soyuq baxışından küsüb getdiyim?
Hanı qucağında kama yetdiyim,
Hanı həsrətinə dözdüyüm yerlər?
 
 
Bu necə tarixdi, bu necə gündü?
Fəryadım göz yaşı, harayım ündü,
Nə üçün qaranlıq məhbəsə döndü?
Köpüklü çayında üzdüyüm yerlər?
 
 
Alqayıtam, ömrü çoxmuş kədərin,
Neştəri zəhərli, yarası dərin.
Ay ellər, obalar, bir xəbər verin,
Vətəndir itirib, gəzdiyim yerlər?
 
21 avqust 1998-ci il, Bakı.

Dəyməz

 
Ulu səcdəgahdı Vətən torpağı,
İnsan ocağına, pirinə dəyməz.
Şənlikdə sevinər, yasda ağlayar,
Elin xeyirinə, şərinə dəyməz.
 
 
Bir eylik eləsən, min bəla sovar,
Ögeylik, nadanlıq neçə qəlb ovar,
Kimin ki, ucalmaq təmənnası var,
Dünyanın ləlinə, zərinə dəyməz.
 
 
Müqəddəs saymayın xanimanları,
Çoxdur bu fələyin qəm sükanları.
Yığılsa dünyanın okeanları,
Yurdun Arazına, Kürünə dəyməz.
 
 
Rast gələn olubmu qış vaxtı selə,
Ya bir tər çiçəyə, ya şəbnəm gülə?
Namərdin yığdığı ləl olsa, belə,
Mərdin ayağının kirinə dəyməz.
 
 
Əl deyil, qılıncdı şər yazan əllər,
Gül deyil, torpaqda bitməyən güllər.
Alqayıt, mənasız yaşanan illər,
Xoş keçən günlərin birinə dəyməz.
 
27 iyul 1998-ci il, Bakı.

Yollanim

 
Bağlayıbsan, aç yolumu, ilahi,
Baş götürüm, o dağlara yollanım.
Bənövşəni elə basım bağrıma,
Kol dibində kola dönüm, kollanım.
 
 
Qoy ayrılıq köhlənini yan çəksin,
Dağ zəlisi bədənimdən qan çəksin.
Çiçək olum, arı məndən şan çəksin,
Pətəyində bala dönüm, ballanım.
 
 
Sobaların çınqı qatım külünə,
Qocaların əsa tutum əlinə.
Bir yetimin sığal çəkim telinə,
Bir gözəlin yanağında xallanım.
 
 
Hanı mənim o gəncliyim, o yaşım?
Bəlkə tapdım, ayağına sarmaşım,
Əlik kimi qayasına dırmaşım,
Kəklik kimi daşdan-daşa tullanım.
 
 
Təklif alım tərəkəmə toyundan,
Onda çıxam bəlkə min bir oyundan.
Neçə-neçə bulaqların suyundan,
İstərəm ki, sərməst olum, hallanım.
 
 
Çoban qardaş deyin ocaq qalasın,
Nə ayrılıq, nə qəm bizi talasın.
Bağlar məni öz kökünə calasın,
Budaq olum, qayalardan sallanım.
 
 
Alqayıtam, Vətən imiş qibləgah,
Hər yaranmış öz elində şahdı, şah.
O dağlara göndər məni, ay Allah,
O dağlarda qocalanım, çallanım.
 
4 sentyabr 1998-ci il, Bakı.

Qurban

 
Ey ana Vətənim, cah-cəlalına,
Zəngin torpağına, daşına qurban.
Sərmə qaymağına, beçə balına,
Səbzə plovuna, aşına qurban.
 
 
Duman dağlarında, çən düzündəydi,
Aydınlıq gecəndə, gündüzündəydi.
Bərəkət atında, öküzündəydi,
Sənin kotanına, xışına qurban.
 
 
Laylayam, bəstəyəm telli sazına,
Əsəbi Kürünə, xan Arazına.
Səfalı yayına, nurlu yazına,
Olum payızına, qışına qurban.
 
 
Hikmət dəryasısan, söz meyarısan,
İgid məskənisən, ər diyarısan.
Sən dədəm Qorqudun yadigarısan,
Qədim tarixinə, yaşına qurban.
 
 
Alqayıta nə qarğış de, nə ası,
Bir ahınla yanasıyam, yanası.
Əsgər atasısan, şəhid anası,
Nəmli kipriyinə, qaşına qurban.
 
8 sentyabr 1998-ci il

Fərhad Qubadliya

 
Bəlkə sən bilirsən çərxi fələyin,
Niyə yoxdur mənlə arası, Fərhad?
Elimiz viranə, vətən yad əldə,
Varmı bu dərdlərin çarəsi, Fərhad?
 
 
Əsa tutub ayaq oldun sən mənə,
Zülmət günü mayak oldun sən mənə.
Dar günümdə dayaq oldun sən mənə,
Oldun ürəyimin parası, Fərhad.
 
 
Gileyimi öz yolundan əylədin,
Arxa mənəm, dayaq mənəm söylədin!
Qayğı çəkdin, dirijorluq eylədin,
Çoxaldı dostların sırası, Fərhad.
 
 
Dağıldı el-oba, düşdü dərinə,
Yad olduq dünyanın xeyri-şərinə.
Gizli qonaq getdim Xudafərinə,
Töküldü gözümün qorası, Fərhad.
 
 
Alqayıt qocaldı qəm çəkə-çəkə,
Qüssə bölük-bölük, sevinc bir tikə.
Sənin şəfqətinlə sağaldı bəlkə,
Vətəndir sinəmin yarası, Fərhad.
 

Bəri gəl

 
Səmayam, köksümdə neçə günəş var,
Bir az da dumanam, çənəm, bəri gəl.
Ocağam, külümdə od var, atəş var,
Naləyəm, fəryadam, ünəm, bəri gəl.
 
 
Təbibim, loğmanım, bəsdir bu fəryad,
Möhnət yuxusundan gəl məni oyat.
Sən mənə əbədi verilmiş həyat,
Mən sənə rütbəyəm, çinəm, bəri gəl.
 
 
Bir az da geciksən, tale göz yumar,
Ürəyə od düşər, qəlbə qan damar.
Məst olmaq istəsən, ey çeşmi xumar,
Şərab kuzəsiyəm, çənəm, bəri gəl.
 
 
Əsirin olmuşam xeyli zamandı,
Qovma dərgahından məni amandır.
Ürək bədənimə çilənən qandır,
Lalə yanaqlıdır sinəm, bəri gəl.
 
 
Tale ulduzuna dönən günəşəm,
Həmən qığılcımam, həmən günəşəm.
İndi qürublara enən günəşəm,
Qoyma üfüqlərdə sönəm, bəri gəl.
 
 
Əgər düşünməsən, duymasan məni,
Kül edib göylərə sovurram səni.
Qısqanclıq oduna qovurram səni,
Qorxuyam, heyrətəm, kinəm, bəri gəl.
 
 
Alqayıtam, eşit: – ülvidir bu səs,
Sənin istəklərin deyiləmmi, bəs?
Sevgi allahına toxunmaz heç kəs,
O sevgi allahı mənəm, bəri gəl.
 
1986-ci il, Gəncə.

Tələsdim

 
Dağlar, ağ yelkənə döndü ürəyim,
Sənin görüşünə elə tələsdim.
Qaldı bağlamada duzum, çörəyim,
Mirvari yağışa, selə tələsdim.
 
 
Ah çəkdim, lalələr yandı oduma,
Süslü bənövşələr yetdi dadıma.
Yemişan dərdiyim düşdü yadıma,
Çəmənə tələsdim, çölə tələsdim.
 
 
Varmı elə bir yer həzz almadığı,
Divanə könlümün saz çalmadığı?
Hədiyyə verdiyim, qız almadığı,
Pərişan çiçəyə, gülə tələsdim.
 
 
Mənə qayğı çəkən, oğul ad verən,
Qəlbə fərəh verən, ruha dad verən.
Geniş səma verən, qol-qanad verən,
Müqəddəs obaya, elə tələsdim.
 
 
Alqayıtam, dağlar, vurğunam sənə,
Vurğunam çayların zümzüməsinə.
Analı dünyamın titrək səsinə,
Telimi oxşayan ələ tələsdim.
 
1986-ci il, Xanlar.

Qizim

 
Nənəm Məhsətinin yadigarısan,
Mərhaba hüsnünə, mərhaba, qızım.
Yaşa, keçmişini yaşatmaq üçün,
Yazdır şöhrətini kitaba, qızım.
 
 
Əsrin sürətindən üzülmə qəti,
Öz alın tərinə eylə minnəti.
Vətən məhəbbəti, el məhəbbəti,
Gətirsin dilini xitaba, qızım.
 
 
Baxıb paltarıma, boynunu bükdün,
Quş kimi bu evdən, o evə səkdin.
Gözüm görə-görə sən ütü çəkdin,
O köhnə, yamaqlı coraba, qızım.
 
 
Pak olsun hüsnünə tutduğun ayna,
Çaylar kimi çağla, bulaq tək qayna.
“Cəngi”, “Tərəkəmə”, “Vağzalı” oyna,
Qoy sənə əl çalsın el-oba, qızım.
 
 
Könlün obalardan ilham alarsa,
Sevincdən, fərəhdən gözün dolarsa,
Ovcunda zəhmətin izi qalarsa,
Bax, odur ən böyük zər-ziba, qızım.
 
 
Vətən öz gülündür, öz gülşənindir,
Bayquşu ram eylə, bülbülü dindir.
Gələcək sənindir, dünya sənindir,
Dözsən hər ağrıya, əzaba, qızım.
 
 
Alqayıtam, həyat məni səsləyir,
Kimlər alqışlayır, kimlər pisləyir.
Səndən qəhrəmanlıq, hünər gözləyir,
Bu dünya, bu mühit, bu hava, qızım.
 
1984-cü il, Xanlar.

Ana

 
Sevgi sətirimsən, vüsal dəmimsən,
Qeyri məhəbbətə uymaram, ana.
Sən xoşbəxt yaşasan, bəxtiyar olsan,
Mən öz taleyimi duymaram, ana.
 
 
Eşqindir ilhamım, laçın vüsətim,
Gözdə ehtişamım, qolda qüvvətim.
Sənə dərd olmasın qəmim, möhnətim,
O məhzun çöhrənə qıymaram, ana.
 
 
Nə qədər acizəm mən sənə qarşı,
Günəşə, torpağa, Vətənə qarşı.
Pələng doğulmuşam düşmənə qarşı,
Arzunu gözündə qoymaram, ana.
 
 
Duyduqca bu dünya bir fəlakətdir,
Mənə də çoxları xəyanət etdi.
Sənin şəfqətinlə sağalıb getdi,
Ürəkdə həsrətim, hər yaram, ana.
 
 
Alqayıtam, dinlə məni ahəstə,
Fələk ömrüm ilə girəcək qəsdə.
Hər gün qonaq gəlib məzarım üstə,
Min layla çalasan, doymaram, ana.
 
1978-ci il, Göyçə.

Dedin

Bir alim dostuma


 
Səni tənqid etdim, əvəzində, dost,
Mənə naşı dedin, bisavad dedin.
Özün bu torpağa yad ola-ola,
Mənə ögey dedin, mənə yad dedin.
 
 
Döydü qapımzı yağlı kökələr,
Mənliyi xırdalar, adı yekələr.
Xarici mebellər, haram tikələr,
Evində tutuldu, nə isbat dedin?
 
 
Həqiqət önündə büküldü dizin,
Vətən torpağında qalmadı izin.
Elin qüdrətindən kor oldu gözün,
Bu cənnət yurduma xarabat dedin.
 
 
Aldada bilsən də qanmazı, xamı,
Alim dühasının başqadır tamı.
Elmdə, sənətdə ucaldı hamı,
Sən özün-özünə hələ yat, dedin!
 
 
Mədəniyyət deyil panama, papka,
Bir ev qiymətinə aldığın yupka.
Gəzdin layka plaş, xurumlu kepka,
Hər kəlmə başında diplomat – dedin!
 
 
Həris gözlərinə mil tutulanda,
Nitqin qıfıllanıb dil tutulanda.
Əlində nömrəli pul tutulanda,
Evimiz yıxıldı, ay arvad, – dedin.
 
 
Sən ki Alqayıta deyirdin dəli,
Yat, əziz qardaşım, yat on dörd ili!
Getdi başqa ərə, arvad da, bəli,
Ey vəfasız dünya, ey həyat, dedin!
 
1985-ci il, Xanlar.

Bir də gəl

 
Ey şəfam, şəfqətim, gözüm yoldadır,
Yastı çəmənlərə, düzə, bir də gəl.
Kədəri böyükdür tut ağacının,
O köhnə cığıra, izə, bir də gəl.
 
 
Sənsiz bu dağlarda çənəm, çiskinəm,
Ömrü səksəkəli, bəxti küskünəm.
Elə nisgilliyəm, elə miskinəm,
Çatılıb əllərim dizə, bir də gəl.
 
 
Nə qədər möhnətə, dözmüşəm sənsiz?
De, hansı çiçəyi üzmüşəm sənsiz?
Görüş yerlərini gəzmişəm sənsiz,
Sancılıb bağrıma nizə, bir də gəl.
 
 
Gəl, yenə çoxalsın qayğım, təsəllim,
Əlinə dəyəndə titrəsin əlim.
Nitqim qıfillansın, lal olsun dilim,
O şirin söhbətə, sözə, bir də gəl.
 
 
Ruhuma doğmadır, qartalın səsi,
Çiçək toplamaqda gəl tutaq bəhsi.
Çıxsın yadımızdan palıd hikkəsi,
Kababı yandıraq közə, bir də gəl.
 
 
Bir mənəm, bir xəyal, bir həzin tütək,
Möhnət olan yerdə nə gül, nə çiçək?
Üzərrik yığmışam sənə bir ətək,
Qoymaram gələsən gözə, bir də gəl.
 
 
Alqayıtam, eldə qəm çəkə-çəkə,
Biganə qalmadım anda, məsləkə.
Bu qədər möhnətə, bu qədər yükə,
Çətin ki, ürəyim dözə, bir də gəl!
 
1987-ci il, Gəncə

Bəs hani?

 
Bu həmin qayadır, o həmin gədik,
Hanı gəncliyimin izi, bəs hanı?
O ülvi neməti görən neylədik,
Kimlər məhv eylədi bizi, bəs hanı?
 
 
İllərin möhnəti yaşa toxunub,
Bahar ömrüm yoxsa qışa toxunub?
“Gizlən-qaç” oynunda daşa toxunub,
Çapılan ayağı, dizi bəs hanı?
 
 
Heç nəyə marağım yoxdur, inanın,
Döndü göz yaşıma hökmü zamanın.
O itən gəncliyin, o pak vicdanın,
Xəyalı məndədir, özü bəs hanı?
 
 
Baxışı vüqarlı, andı dəlisov,
Lalam hüzurunda, dinəmmirəm – of!
EIə bil səngiyib o çınqı, o qov,
Yandırmır atəşi, közü bəs hanı?
 
 
Qısqanclıq gödəlib, kinlər azalıb,
Nalələr, fəryadlar, ünlər azalıb.
Elə bil, təqvimdə günlər azalıb,
Ömür yaxalamır yüzü, bəs hanı?
 
 
Əyiləm önündə qibləgah kimi,
Düşəm ayağına səcdəgah kimi.
Şikarı bağlanmış bir səyyah kimi,
Dolanmır çəməni, düzü, bəs hanı?
 
 
O günlər məhv oldu, itdi, Alqayıt!
Yerində qüssələr bitdi, Alqayıt!
Deyəcəklər, öldü, getdi Alqayıt,
Yadigar söhbəti, sözü, bəs hanı?
 
1983-cü il, Xanlar

Söyüdlər

 
Baxdım sərhəd boyu ağlatdı məni,
Tikanlı, məftilli, simli söyüdlər.
İllər ayrısıdır, il dustağıdır,
Gözləri qan yaşlı, nəmli söyüdlər.
 
 
Bir elin doğması, həm yadısınız,
Könül ahısınız, fəryadısınız.
Siz də bu torpağın övladısınız,
Ay həzin laylalı, bəmli söyüdlər.
 
 
Alqayıtam, müjdə gətirin mənə,
Bükün bir kağıza, ötürün mənə.
Vətən birliyini yetirin mənə,
Pərişan söyüdlər, qəmli söyüdlər.
 
1985-ci il, Cəlilabad.

Altinda

 
De, hardasan, ey Zərduştüm, Hörmüzüm,
Əsir qaldıq bu gərdişin altında.
Həqiqətlər, əfsanələr puç oldu,
Zəhər daddıq nəvazişin altında.
 
 
Yeyəmmədik, qana döndü payımız,
Haysız qaldı harayımız, hayımız.
Buza döndü baharımız, yayımız,
İsinmədik al Günəşin altında.
 
 
Soran yoxdur, bu nə dağdı, düyündü?
El ağladı, bədxah ona söyündü.
Nəzarətsiz, haqqsız, muzdsuz üyündü,
Neçə mahal, neçə dişin altında.
 
 
Nə ad verim bu zamana, bu çağa?
Qəm göyərir, baxsan hansı bucağa.
Kəc baxdılar, daş atdılar ocağa,
Külə döndü kabab şişin altında.
 
 
Ay Alqayıt, zər taxtına güvənmə,
Bu çağına, bu vaxtına güvənmə.
Tərəqqinə, şeş bəxtinə güvənmə,
Yek gizlənib həmin şeşin altında.
 
1987-ci il, Qazax.

Sən dəymə!

 
Sənə görə yaman dəymədüşərəm,
El dəysin xətrimə, təkcə sən dəymə.
İldırım kükrəsin başımın üstə,
Sel dəysin xətrimə, təkcə sən dəymə.
 
 
Qəriblik görmüşəm, neçə dağ-aran,
Ayrılıq könlümü eyləyib viran.
Bir ömrü yarıya bölüb aparan,
İl dəysin xətrimə, təkcə sən dəymə.
 
 
Şahidi olmuşam hər toyun, yasın,
Qoy, məni qüssələr, qəmlər çulğasın.
Qönçələr ah çəksin, çiçək qarğasın,
Gül dəysin xətrimə, təkcə sən dəymə.
 
 
Alqayıt heç kəsdən inciməz, inan,
Bakı nalə çəkib, inləsə Şirvan.
Gəncə, Təbriz, Tehran, Qarabağ, Muğan,
Mil dəysin xətrimə, təkcə sən dəymə.
 
1986-ci il, Mingəçevir.

Qal, Kərəm

Əsli və Kərəmin qəbri üstündə.


 
Məzarını ziyarətə gəlmişəm,
Yar eşqi ilə bir “Kərəmi” çal, Kərəm.
Sən yanalı müqəddəslik yanıbdı,
Heyrətlərə, qüssələrə dal, Kərəm.
 
 
Əsli uçub, düymə qalıb əlində,
Sevgi andı bəstələnib dilində.
Bir atəşsən, od gizlənib külündə,
Əsrlərdən qisasını al, Kərəm.
 
 
Ahın, ünün bir vüsala möhtacdır,
Bu istəyin kainata nur saçdı.
Sənin odun zülmətlərə yol açdı,
Dayanmışam hüzurunda lal, Kərəm.
 
 
Həyat sandın o müqəddəs röyanı,
Əsli köçü bir də haçan dayanı?
Sən yananda şimşək döydü qayanı,
Suya döndü dəryalarda sal, Kərəm.
 
 
Alqayıtam, o anları görməzsən,
Xumarları, Sənanları görməzsən.
Oyanarsan, yananları görməzsən,
Necə varsan, eləcə də qal, Kərəm.
 
1987-ci il, Qara Keşiş kəndi.

Ağlama

 
Demədimmi bir yaralı ürəyəm,
Ey dəcəlim, xətakarım, ağlama,
Göz yaşından bayquşlara dönərəm,
Sən olarsan günahkarım, ağlama.
 
 
Can istədim, can almağa can atdın,
O gülləni ürəyimə yan atdın,
Qaysaqlanmış bir yaranı qanatdın,
Şəfa gətir, şəfakarım, ağlama.
 
 
Bu tanışlıq, gör ömürdən nə sayıb,
Təşvişdəyəm, var bədənim sarsıyıb.
Şaxta vurub, xəzan məni qarsıyıb,
Ümid yerim, ilk baharım, ağlama.
 
 
Elə tökmə gözlərinin yaşını,
Oyadarsan nabələdi, naşını.
Qəm göynətdi ürəyimin başını,
Qan ağladı bağçam, barım, ağlama.
 
 
Sənin həsrətindən xəstələnmişəm,
Dözümsüz olmuşam, üstələnmişəm.
Bəstəkar qəlbində bəstələnmişəm,
Rübabım, kamanım, tarım, ağlama.
 
 
Özüm də bilmirəm nədir bu istək,
Bir şübhə, bir inam, bir əl, bir ətək.
Müqəddəs düşüncəm, duyğularım tək,
Olarsan qeyrətim, arım ağlama.
 
 
Ülvi baxışları döndərmə yana,
Arxadır, köməkdir insan insana.
Qüssələr bağrımı döndərər qana,
Qəm açar üzümdə şırım, ağlama.
 
 
Alqayıtam, yollarımda fanar ol,
Ömrün boyu günəş kimi yanar ol.
Aç qəlbini, inadından kənar ol,
Ay mənim dövlətim, varım, ağlama.
 
1987-ci il, Mingəçevir.

Demədimmi

 
Ay inadkar, dəcəlxata, insafsız,
Ələnib başıma qar, demədimmi?
Yaralarım qaysaq atar, qanayar,
Ürəkdə həsrətim var, demədimmi?
 
 
Təntiməz, büdrəməz söykənən dağa,
Ağlasan, göz yaşın dönər bulağa.
Sənin vücuduna başdan-ayağa
Qeyrət demədimmi, ar demədimmi?
 
 
Mən səni duyuram, düşünürəm hey,
Surə qaşlarındır, nə əlif, nə bey!
Hissimə, duyğuma yaralı bir ney,
Qəlbimə inləyən tar demədimmi?
 
 
Çəkə bilsən, bu cəfamı, cəbrimi,
Qəza qırmaz, fələk kəsməz səbrimi.
Ölən günü, ay insafsız, qəbrimi,
Titrək əllərinlə yar, demədimmi?
 
 
Alqayıtam, eşit, unutma qəti,
Ömür gedər-gəlməz, səs müvəqqəti.
Ürəkdə yurd salan qəmi, möhnəti,
Eyləmə aləmə car, demədimmi?
 
1987-ci il, Tanrıqullar kəndi.

Məni də səslə

 
Ay ellər gözəli, çıx seyrəngaha,
Keçibdir zimistan, yaz gəlib daha.
Ülvi gələcəyə, nurlu sabaha,
Min bir təranə yaz, min ümid bəslə.
Məni də harayla, məni də səslə.
 
 
De, kim olmaz gözlərinin fədası,
Baxışının, yerişinin ədası?
Hər yetənə bəli demə, qadası,
Bağla ülfətini bir aqil kəslə.
Məni də harayla, məni də səslə.
 
 
Unutma hörməti, unutma xətri,
Qoy ellər adına bağlasın çətri.
Səni məst eyləsə güllərin ətri,
Çılğın baxışlarla, isti nəfəslə,
Məni də harayla, məni də səslə.
 
 
Mərhəmət hissindən çoxdur sitəmin,
Vüsaldan şirindir həsrətin, qəmin.
Dərin dəryalarda qərq olsa gəmin,
Təmiz duyğularla, səmimi hisslə,
Məni də harayla, məni də səslə.
 
 
Alqayıt neyləyir varı, dövləti,
Zər-ziba deyilmi könül vəhdəti?
Ağır sınaqlardan çəkinmə qəti,
Hazıram yolunda min bir həvəslə,
Məni də harayla, məni də səslə.
 
1987-ci il, Tanrıqullar kəndi.

Getdi

 
Rahatlıq bilməyən könlümün quşu,
Min arana düşdü, min dağa getdi.
Bir də yuvasına dönə-dönməyə,
Əhdinə, andına sadağa getdi.
 
 
Kim saldı bəxtini qana, bilmədi,
Yanmağa can atdı, yana bilmədi.
Bir həzin budağa qona bilmədi,
Nə qədər yaxına, uzağa getdi.
 
 
Yolunda tufanlar əsib, deyirlər,
Çən bəndi, bərəni kəsib, deyirlər.
Bahar taleyindən küsüb deyirlər,
Şaxtaya, borana, sazağa getdi.
 
 
Yadıma düşəndə, Avey, Göyəzən,
Ruhum asimana çəkilir bəzən.
Qıy vurub köksündə qartallar gəzən,
Müqəddəs torpağa, ocağa getdi.
 
 
Bir həlim düşüncə, bir ilıq nəfəs,
Alqayıt, səadət deyildimi bəs?
Könül sarayını tərk edən bu səs,
Yəqin ata yurdun Qazaxa getdi.
 
1987-ci il, Qazax.

Ağlim

 
Min vəd eyləsələr, yatmaz, bilirəm,
Şöhrət laylasına yatmayan ağlım.
O sısqa çaylarda batmaz, bilirəm,
Dərin dəryalarda batmayan ağlım.
 
 
Asana qaçmadı, sevdi çətini,
Qazandı ellərin məhəbbətini.
Vətən torpağının naz-nemətini,
Gümüş qədəhlərə satmayan ağlım.
 
 
Alqayıt tanıyır qibləgahını,
Ulu xilqətini, səcdəgahını,
Yaşasın dərk edib öz günahını
Özgəni müqəssir tutmayan ağlım!
 
1984-cü ıl, Qırmızı Samux.

Məni

 
Uç, ülvi xəyalım, vəfalı yarın,
Hərdən bir başına dolandır məni.
Ürəyində gizli qalan, inləyən,
Möhnət, sirr başına dolandır məni.
 
 
Qanlı döyüşlərdi qartala şərəf,
Quzğunlar nə üçün qıy vurur, ya rəbb?
Çəkmə ətəyimdən çaqqala tərəf,
Pələng, şir başına dolandır məni.
 
 
Alqayıtam, ömr eylədim inadlı,
Uç, ülvi xəyalım, qollu, qanadlı,
Məhəbbət ünvanlı, sədaqət andlı
Səslə, pir başına dolandır məni.
 
1982-ci il, Gəncə.

Məndən

 
Buyur, rəngimdəki ölməzliyə bax,
Soruşma Vətənin adını məndən.
Bir ana bətnində yatmış olsa da,
Soruş doğmasını, yadını məndən.
 
 
Qartalam uçuşda, pələngəm zorda,
Bir insan oğlunu qoymaram darda.
Qışın zillətində, boranda, qarda,
Taparsan günəşin odunu məndən.
 
 
Misri qılınc hiddətini qoşalar,
Çənlibelim yenə dolar, boşalar,
Üstünə yerisə bəylər, paşalar,
İstə Koroğlunun atını məndən.
 
 
Alqayıt Vətənsiz qala bilmədi,
Dünyanın seyrinə dala bilmədi.
Yadellər çalışdı, ala bilmədi,
Bu ana torpağın dadını məndən.
 
1983-cü il, Xanlar şəhəri.

Gözləyir

Prezidentimiz Türkiyədə müalicə olunarkən


 
Heydər baba, başsız qoyma ölkəni,
Ana Vətən, gəl, yolunu gözləyir.
Hörmüz donlu bir müqəddəs ətəyə,
Həsrət qalan əl yolunu gözləyir.
 
 
Günəş ziyasıdır qəlbindəki nur,
Yerişin əzəmət, baxışın məğrur.
Nisgilli Qarabağ, Göyçə, Zəngəzur,
Köçkün oba, el yolunu gözləyir.
 
 
Sən gedəli çiçək açmır bağça, bağ,
Sən gedəli tapdanıbdı qol-budaq.
Murov, Muşov, əzəmətli Dəli dağ,
Gəl ki, Muğan, Mil yolunu gözləyir.
 
 
Qarğa, quzğun qartallaşan zamandır,
Vermə bizi yad əllərə, amandır.
Sən gedəli ətrafımız dumandır,
Leysan, yağış, sel yolunu gözləyir.
 
 
Alqayıt, mükəddər olmağa qoyma,
Heç kəsi saralıb solmağa qoyma,
Əlləri qoynunda qalmağa qoyma,
Azərbaycan bil, yolunu gözləyir.
 
25 yanvar 1999-cu il, Bakı.

Kəndə mən

 
Xəbərsizəm baharımdan, qışımdan,
Müjdə gəlmir torpağımdan, daşımdan.
Şimşək çaxsın, od ələsin başımdan,
Bəlkə azam bir dumanda, çəndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 
 
Zalım həsrət qanmı sağır gözümdən?
Perik düşüb, o çal-çağır gözümdən.
Düz on ildir kədər yağır gözümdən,
Köks ötürdüm, ömr eylədim ündə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 
 
Həyat vardı o söhbətdə, o sözdə,
Qovrulaydım o çınqıda, o közdə,
O gədikdə, o cığırda, o izdə
Bəlkə saldım bir gözəli bəndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 
 
Ana Vətən, kor olaydım tüstünə,
Sən kim idin, kimlər girdi qəsdinə?
Haray deyib cəlladların üstünə,
El yerisə, dayanaram öndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 
 
Ayrı düşdük neçə dostdan, qohumdan,
Dağlar, daşlar dilə gəlib ahımdan.
Buzlu bulaq niyə çıxmır yuxumdan?
Ağlayıram, sızlayıram gündə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 
 
Nə həzinmiş, nə kövrəkmiş bayatın,
Aman Allah, sonu buymuş həyatın?
Hörüyünü dəyişərdim Göy atın,
Yemləyərdim toyuqları hində mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 
 
Zalım fələk saydığını sayırdı,
Ruhu candan, canı ruhdan ayırdı.
Alqayıtam, mənliyimi sıyırdı,
Görməmişəm belə dinsiz rəndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
 

Düşərdi

 
Aldanıb getsəydi fıtnə-fəsada,
İnsan qovğalara, hərbə düşərdi.
Mehriban qardaşın, doğma bacının,
Biri şərqə, biri qərbə düşərdi.
 
 
Düşmən kəsilərdi qoyunla quzu,
Qılınca dönərdi dağların buzu.
Hamı tapdayardı çörəyi, duzu,
Ürəklərə neçə qəlpə düşərdi.
 
 
Alqayıt, əyməyib düzü kişilər,
Üzə söyləyibdir sözü kişilər.
Qadın olmasaydı, bəzi kişilər,
Qadın üstə müharibə düşərdi.
 
1982-ci il, Gəncə.

Dəyməsə

 
Təbiət soyunmaz ağ örpəyini,
Baharın nəfəsi qara dəyməsə.
Yapalaq şah olar, quzğunlar ağa,
Tərlanın caynağı sara dəyməsə.
 
 
Enişdir, yoxuşdur ömür pilləsi,
De, azmı güldürüb ağlayan kəsi?
İnsana neyləyər düşmən gülləsi,
Özündən-özünə yara dəyməsə?
 
 
Vaxtında seçməsən qohumu, yadı,
Olacaq qismətin könül fəryadı.
Alqayıt, neyləyər bəşər övladı,
Taledən bəxtinə qara dəyməsə?
 
1975-ci il, Göyçə

Mənə nə

 
Bu dünyanın baharı var, qışı var,
Bir sehirli kainatdı, mənə nə?
Dərd əlindən neçəsinin ürəkdə,
Ağrıları qatbaqatdı, mənə nə?
 
 
Yar, yar deyir, tanımayan yarını,
Xəzan döydü bağçasını, barını.
Bu dünyanın dövlətini, varını,
Kim qazandı, kimə çatdı, mənə nə?
 
 
Nə gözlədik, nələr gördük həyatda,
Daha yoxdur tənəzzülə nicat da!
Çox çalışdı ömür adlı şahmatda,
Kimlər uddu, kimlər matdı, mənə nə?
 
 
Ləkələdik ləkəsizi, kirsizi,
Böhtan atdıq, sözə qoyduq ərsizi.
Ana yurdun yaramazı, fərsizi,
El adına min daş atdı, mənə nə?
 
 
Aman Allah, elə gəldi gələcək,
Çəmənlərdə yasa batdı gül, çiçək.
Ay Alqayıt, yedək axtar, avar çək,
Dəryalarda gəmin batdı, mənə nə!
 
1990-cı il, Bərdə, İmirli kəndi.

Mənimkidir

 
Ey dost, çiçəyinə həsrət qaldığım,
O çayır, o çəmən, düz mənimkidir.
Danışa bilmirəm, dinə bilmirəm,
Nərgizdən həyalı üz mənimkidir.
 
 
Futluyar geydirib səcdə qıldığın,
Yaxşı bax, kamandır, tardır çaldığın.
Adına bağlayıb orden aldığın,
Mahnı mənimkidir, söz mənimkidir.
 
 
Atılsa köksümdən neçə min lağım,
Yenə göyərəcək qolum, budağım.
Bircə gün oduna qızınmadığım.
Ocaq mənimkidir, köz mənimkidir.
 
 
Kimdən istəyirsən get eylə soraq,
Qanlı döyüşlərə Vətəndir yaraq.
Ulduzlar qoynunda sönməyən çıraq,
Ayda bükülməyən diz mənimkidir.
 
 
Alqayıtam, məni yaxşı dinlə sən,
Ruhuma doğmadır o çisək, o çən.
Yalçın qayalarda tarixə dönən,
Cığır mənimkidir, iz mənimkidir.
 
1976-ci il, Göyçə.

Sizi

 
Tərəqqidən tənəzzülə gülməyin,
Dövran amansızdır yandırar sizi.
Vaxt gələr, taleyin buz dodaqları
Sükut laylasında dondurar sizi.
 
 
Namərdin atına minmək çətindir,
Qanmazın önündə dinmək çətindir.
Qalxmağa nə var ki, enmək çətindir,
Salar vəzifədən, sındırar sizi.
 
 
Alqayıt, hər kəsin öz mənliyi var,
Utanmır bəs onu tapdalayanlar?
Ay mənim sözümə gülən nadanlar,
Bu çərxi fələkdir – qandırar sizi.
 
1972-ci il, Göyçə mahalı.

Üstə

 
Sən əhdi, ilqarı danandan bəri,
Bir qış da gətirdin qışımın üstə.
Neçə qəm donuna büründü canım,
Neçə yaş qalandı yaşımın üstə.
 
 
Görüş yerlərinə eylədim güzar,
Susdu eşqimizin şahidi çinar.
Şikayət eylədim səndən o ki, var,
Buludlar kükrədi başımın üstə.
 
 
Dedim: – Alqayıtam, mənalı baxdın,
Cismimi odlara yandırıb yaxdın.
Gönül sarayımı sən elə yıxdın,
Bircə daş qalmadı daşımın üstə.
 
1978-ci il, Göyçə mahalı

Bir duy, düşün

 
Bir duy, düşün, kor etməyə tələsmə,
Dağlar, sənin gözlərində didəyəm.
Dərmanı tapılmaz verdiyin dərdin,
Ömrü boyu sağalmayan zədəyəm.
 
 
Toxunmaram bir taleyi yatqına,
Əlləri, qolları, dizi çatqına.
Möhtəkirə, müftəxora, satqına,
Düz deyiblər, təhlükəyəm, hədəyəm.
 
 
And-qəsəm yerimdir bu el, bu oba,
Ölərəm, sözümdən dönmərəm, toba!
Qartala qanadam, pələngə yuva,
Bal gətirən arılara pətəyəm.
 
 
Uzaq düşüb taleyimin ulduzu,
Kipriyimdə qayaların sal buzu.
İsgəndərin buynuzu var, buynuzu,
Bunu çalan, elə yayan tütəyəm.
 
 
Alqayıta nə gülürsən, a dünya,
Kimliyini düşünmürsən, a dünya?
Azmı, çoxmu sən bilirsən, a dünya.
Əlsizə əl, ətəksizə ətəyəm.
 
1985-ci il, Xanlar.

Qaldim

 
Atalar deyibdir: yetən üyüdər,
Buna inanmadım, yatılı qaldım.
Sən zalım fələkdə insafa bir bax,
Urvası unnuxda qatılı qaldım.
 
 
Qaydası bəd gəlir çarxı gərdişin,
İstərsə ox olub bağrımı deşin.
Düşdüm girdabına bu haqsız işin,
Əlləri qoynunda çatılı qaldım.
 
 
Alqayıtam, çoxdur əldə əsasım,
Həm qəmim, sevincim, həm toyum, yasım,
Sındı dar ağacım, itdi kompasım,
Gəmisi dəryada batılı qaldım.
 
1980-ci il, Göyçə.

Hələ də

Cənub həsrəti.


 
Ey Təbrizim, anadillər susalı,
Zər tunc olub, mis qatılıb lələ də.
Zaman özü ələyindən keçirir,
Girinc olub, seçə bilmir hələ də.
 
 
Möhtəkirlər yaman tutdu yükünü,
Dözülməzdir pələng ahı, fil ünü.
Yalquzaqlar talan etdi sürünü,
Şir quyruğu girov qalıb tələdə.
 
 
Qurd quzuya, tülkü hinə pasiban,
Qarğa-quzğun bir-birinə mehriban.
Yançılara fıkir vermir baş çoban,
Nələr gəlir, nələr gedir şələdə.
 
 
Dərd sinəmi dağlamasın neyləsin,
Ürək qəmdə çağlamasm neyləsin?
Yazıq bülbül ağlamasın neyləsin?
Xar yapışıb, qanqal qonub gülə də.
 
 
Sərhəd boyu bir ün atım, ünləyim,
Şəhriyarı yada salım, inləyim.
Oxu, Araz, oxu, səni dinləyim,
Təşnə qəlbə bir dəryadır gilə də.
 
 
Zülmətlərə şölə saçaq biz gərək,
Dar ayaqda bükülməsin diz gərək.
Ey Təbrizim, qalx ayağa, süz görək.
Haqsız yerdə oxa dönər pilə də!
 
 
Addımbaşı zəli kimi sorulduq,
İstəyindən, arzusundan vurulduq.
Milçəklərə əl çalmaqdan yorulduq,
Qorxumuzdan fil demədik, filə də.
 
 
Xiyabanim, Səttar xanım səs eylər,
İgidlərim düşmən payın nəs eylər.
Fatehlərin yağlı vədi bəs eylər,
Od gizlənib, əl vurmayın külə də.
 
 
Ay Alqayıt, gümanın az, dərdin çox,
Qəlbin atəş, əqidən nur, fıkrin ox!
Xudafərin körpüsündən əsər yox,
İtkin düşüb Xan Kərəm də, Lələ də!
 
1987-ci il, Gəncə

Aşiq ələsgərə

 
Yondu heykəlini öz əllərilə,
Ələsgər tarixə bir gəldi getdi.
Mərdə tərif dedi, dastan bağladı,
Namərdin gözünə tir gəldi getdi.
 
 
Dünya sərvətindən çəkdi əlini,
Mənəm deyənlərin kəsdi dilini.
Ana-bacı bildi qızı, gəlini,
Sənət dünyasına pir gəldi getdi.
 
 
Sonsuz ümman idi, elə rəğbəti,
Müdrik kəlamları, sözü, söhbəti.
Qəlbində dəfn oldu, ilk məhəbbəti,
Möcüzə yarandı, sirr gəldi getdi
 
 
Möhnət qapısını döyən ustadın,
Qəza qamətini əyən ustadın.
Bisavad aşığam, deyən ustadın,
Dodağında zəbər, zir gəldi getdi.
 
 
Alqayıtam, dərdli ozan çox olub,
Sirr söyləyən, yuxu yozan çox olub,
Saz götürüb, şer yazan çox olub,
Yazıq Ələsgərim şir gəldi, getdi.
 
1990-cı il, Xanlar.

Düşübdür

 
Bir də o yerlərə dönə biləydim,
Yaylaqdakı hal yadıma düşübdü.
Az qalır unudam kənd həyatını,
Qoyun-quzu, mal yadıma düşübdü.
 
 
Göy atdakı məstedici yorğalıq,
Üşüyəndə büründüyüm arxalıq.
Köpüklü çaylarda tutduğum balıq,
Sürüşkənli sal yadıma düşübdü.
 
 
O dumanlı dərə, o qövsü-qüzeh,
Səhər dəli külək, axşam üstü meh.
Babamın taleyə baxdığı təsbeh,
Nənəm açan fal yadıma düşübdü.
 
 
Səadət yolumdur, dağlar, hər izin.
Vətən torpağından güc alıb dizin,
Boynubükük bənövşənin, nərgizin,
Üzündəki xal yadıma düşübdü.
 
 
Dahilər yetirib o torpaq, o yer,
Nadan ülfətində dad olmaz, xeyir!
Bəhmanın yazdığı gözəl bir şeir,
“Kərəmi”ni çal, yadıma düşübdü.
 
 
Zəmanə qorxulu, ömür-gün yarı,
Bir də o yerlərə, dönəydim barı.
Əlinin, Düldülün ilk yadigarı
Daş üstdəki nal yadıma düşübdü.
 
 
Alqayıt, el olub elin gərəyi,
Həyat tablosudur insan ürəyi.
Anamın yapdığı, təndir çörəyi,
Sərmə qaymaq, bal yadıma düşübdü.
 
1985 ci il, Tərtər rayonu.

Keçmişimə qaytarin

 
Yara könül açdım dağ ətəyində,
İnlədim çobanın yan tütəyində,
Bu sirli dünyanın bal pətəyində,
Möhnət yığın-yığın, dərd qucaq-qucaq,
Məni keçmişimə qaytarın ancaq.
 
 
Məlhəmdir dağların sərin havası,
Hər quşun öz doğma yurdu, yuvası.
Könlümün pərişan, qəmli nəvası,
Bir deyin, nə qədər yetim qalacaq?
Məni keçmişimə qaytrın ancaq.
 
 
Demirəm, qəribəm, yalqızam, təkəm,
Zərdüştlər diyarı deyilmi ölkəm?
Nə vaxtdır dağlarda sürünmür kölgəm,
Dünya gedər-gəlməz, həyat oyuncaq,
Məni keçmişimə qaytarın ancaq.
 
 
Qalıbdır ellərin xətri yadımda.
Lalənin, nərgizin çətri yadımda.
Yaylıq almasının ətri yadımda,
Cənnətə misaldır o bağça, o bağ,
Məni keçmişimə qaytarın ancaq.
 
 
Alqayıt, Təbrizin yolları bağlı,
Ayağı qandallı, qolları bağlı.
Orda milyonların sinəsi dağlı,
Altımda köhlən at, əlimdə yaraq,
Məni keçmişimə qaytarın ancaq.
 
1987-ci il, Qazax.

Bu torpaq

 
Heç kim toxunmasın Azərbaycana,
Yaralı pələngdir, şirdir bu torpaq.
Döşündən süd verib Prometeyə,
Müqəddəs ocaqdır, pirdir bu torpaq.
 
 
Zərdüşt dodağında dürlü kəlmədi,
Dünya xalısından keçən ilmədi.
Fatehlər çalışdı bölə bilmədi,
Əzəldən bir olub, birdir bu torpaq.
 
 
Məşhurdur aləmə xeyri-şərilə,
Təbibdir, loğmandır min cövhərilə.
Yoğrulub babamın alın təriylə,
Gövhər yatağıdır, zərdir bu torpaq.
 
 
Günəşdən alıbdır sönməzliyini,
Qeyrət zirvəsindən enməzliyini.
Ölüm ayağında dönməzliyini
Babam Nəsimiyə verdi bu torpaq.
 
 
Dilə gətir Qobustanda hər daşı,
Ulu tariximi öyrən, ay naşı.
Xəzər ətəyində donan göz yaşı,
Məftilli Arazdır, Kürdür bu torpaq.
 
 
Tanındıq aləmə od libasında,
Yaşadıq həqiqət təmannasında.
Qeyrətim, həyam var Qız qalasında,
Belə möcüzədir, sirdir bu torpaq!
 
 
Yolumuz əbədi kəhkəşan yolu,
Andımız Babəkin kəsilən qolu.
Odur ki, göylərdən uludur, ulu
Mehdinin, Həzinin yurdu bu torpaq.
 
 
Səndən soruşuram: – kim olub atan?!
Ya məslək oğrusu, ya da yurd satan!
Tutduğun mövqedən, a dinsiz utan!
“Rast”dır, “Cahargah”dır, “Şur”dur bu torpaq.
 
 
De, neçə qitədən dilədin aman?
Sizdə nə ar varmış nə ilqar, iman.
Vətən göylərindən çəkildi duman,
Tanıdı quzuyla, qurdu bu torpaq.
 
 
Alqayıtam, axı, dedim min kərə,
Siz elə bilməyin xəlvətdir dərə.
Xəbis ürəklərə, daş ürəklərə,
Nifrət qılıncını vurdu bu torpaq.
 
20 yanvar 1990-cı il, Bakı.

Dağlara

 
Ötə qış ayları, gələ bahar-yaz,
Təbiət könlünü aça dağlara.
Ulduz cilvələnə, ay bədirlənə,
Günəş bayrağını saça dağlara.
 
 
Səhərin mehindən titrəyəm, əsəm,
Çətin ki, bu yurddan inciyəm, küsəm.
Dərədə hürküdəm, bərəni kəsəm,
Bir ahu balası qaça dağlara.
 
 
Orda tamamlayam sevgi sətrini,
O məsum anların biləm qədrini.
Süslü bənövşənin duyub ətrini,
Könlüm pərvazlana, uça dağlara.
 
 
Yalın ayağımı titrədəydi şeh,
Pərişan telimi darayaydı meh.
O şimşək qayalar, o qövsü-qüzeh,
Danışa dərdimi aça dağlara.
 
 
Gərdəni minadır, boyu sürahi,
Qüzeylər nəğməkar, güneylər dahi.
Nə qədər dəyanət verib ilahi,
Vüqarı özündən uca dağlara.
 
 
Aldanmaz möhnətə, əyilməz zərə,
Səngərdi, qaladır, əhli-hünərə.
Zirvəsi zirvədir, dərəsi dərə,
Vəfasız demişik, bica, dağlara.
 
 
Alqayıtam, cisirlənən bir dizik,
Damcılara həsrət qalan dənizik.
Hər il cavanlaşır, qocalan bizik,
Amandır, deməyin qoca, dağlara!
 
27 dekabr 1995-ci il, Xanlar.

Ana

 
Yenə niyə fıkirlisən, qəmlisən,
Baxışına qurban olum, ay ana.
Bəstələnib dodağıma, dilimə,
Axışına qurban olum, ay ana.
 
 
Bəs deyilmi, məlul-məhzun durduğun,
Çırpındığın, hey özünü yorduğun?
O qotazlı corabıma vurduğun,
Naxışına qurban olum, ay ana.
 
 
Səngiməyib sən çatdığın od-ocaq,
Beşiyimə gizlətdiyin oyuncaq.
İldırımsan, başım üstə kükrə, çax,
Çaxışına qurban olum, ay ana.
 
 
Nə qamətdir, o nə qəddir bükdüyün?
Nəğmə dolu bir ürəkdir sökdüyün.
Sinən üstə ələdiyin, tökdüyün,
Göz yaşına qurban olum, ay ana.
Sevinc dedim, qəm ələndi payına,
Ulduzuna, günəşinə, ayına,
Payızına, baharına, yayına,
Sərt qışına qurban olum, ay ana.
 
 
Bir qartalsan, məskənini dağ görüm,
Ətrafını bağça görüm, bağ görüm.
Təşnə qəlbəm, başım üstə yağ görüm,
Yağışına qurban olum, ay ana.
 
 
Alqayıtam, al bayrağı ələ sən,
Bir dayaqsan bu obaya, elə sən.
Yer üzünə sülh, səadət dilə sən,
Alqışına qurban olum, ay ana.
 
1986-ci il, Gəncə

Getdi

 
Bir qonaq gəlmişdi məclisimizə,
Deyərdin, müqəddəs çapardı, getdi.
Bu uçan könlümün xanimanını,
Bəlkə öz əliylə yapardı, getdi.
 
 
Saldı məhbəslərə daş ürəyimi,
Eylədi qəmlərə tuş ürəyimi.
Qəfəsdə çırpınan quş ürəyimi,
Əl atıb köksümdən qopardı, getdi.
 
 
Alqayıta müjdə yetirmişdi o,
Qüssəni gözündən itirmişdi o,
Dərdimə bir dərman gətirmişdi o,
Yenə də özüylə apardı, getdi.
 
1973-cü il, Ağstafa.

Ötmüşəm

 
Saçlarımı bəyaz görüb duruxdun,
Dağlar, səndə boya-başa yetmişəm.
Torpağında rişələrim, köküm var,
Elə bilmə yad ellərdə bitmişəm.
 
 
Vurulmuşam güllərinin ətrinə,
Yasəmənin ləçəyinə, çətrinə.
Bir canlının dəyməsəm də xətrinə,
Gecə-gündüz ov dalınca getmişəm.
 
 
Özüm kimi bir at çapan olmayıb,
İş düzəldən, könül yapan olmayıb.
“Gizlən-qaç”da məni tapan olmayıb,
Çiçəklərin arasında itmişəm.
 
 
Yar eşqiylə gizlənmişəm bucaqda,
Gözüm yolda, gülüm qalıb qucaqda.
Çubuqlardan şiş düzəldib ocaqda,
Barmağımı, əllərimi ütmüşəm.
 
 
Sərt qayalar azmı dönüb qılınca?
Od ələnib baş qoyduğum balınca.
Ölən eşqin, ilk istəyin dalınca,
Pünhan-pünhan, həzin-həzin ötmüşəm.
 
 
Səndə qalıb hər sevincim, hər toyum,
Aç qolunu nəfəsinə uyuyum,
Ya bir yolluq buza dönüm, soyuyum,
Yorulmuşam, daha cana yetmişəm.
 
 
Dağ düşünüb söykəndiyim təpələr,
Başım üstə nifrətini səpələr.
Yelkənimi qərq eylədi ləpələr.
Alqayıtam, gör bir nələr etmişəm?
 
1985-ci il, Gəncə

ÇƏK Məni

Rəssam dostum Əli Nuh oğluna


 
İstəmirəm bu qılıncı, qalxanı,
Rəssam qardaş, saz sinəmdə çək məni.
Qoca palıd pöhrəsiyəm, zoğuyam,
Oba-oba, mahal-mahal ək məni,
Rəssam qardaş, saz sinəmdə çək məni.
 
 
Elə çək ki, Şah dağımdan boylanım,
Ərzurumda Araz deyim, haylanım.
Yer üzünə qətrə-qətrə paylanım,
Səhralara leysan eylə, tök məni.
Rəssam qardaş, saz sinəmdə çək məni.
 
 
Bir günəşəm, doğulmadım batmağa,
Şəfqətim var el qəminə qatmağa.
Xudafərin körpüsünü çatmağa,
Gərək olsam, bölük-bölük sök məni,
Rəssam qardaş, saz sinəmdə çək məni.
 
 
Alqayıtam, qəmlər kəsib üstümü,
Görən yoxdur alovumu, tüstümü.
Bir gün ellər qoyar olsa büstümü,
Əsirgəmə, o tellərə bük məni.
Rəssam qardaş, saz sinəmdə çək məni.
 
1984-cü, Gəncə

Ürəyim

 
Ayaqda qandalın, alında tərin,
Demə ki, heç nədən yoxdur xəbərin.
Bilirəm, böyükdür qəmin, kədərin,
Döz bu ağrılara, dinmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim!
 
 
Yaşamaq ötəri həvəs ha deyil,
Sən həyat olduğun əbəs ha deyil.
Məskənin qaranlıq qəfəs ha deyil,
Şübhələr atını minmə, ürəyim!
Tüstülən, alovlan, sönmə, ürəyim.
 
 
Dünyanın dərdini mən demirəm çək,
Əsrin siqlətinə neyləsin ürək?
Ya məhv ol, sürünmə zarıncılar tək,
Ya ulu göylərdən enmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim.
 
 
Gözdə həyat eşqi, könüldə qubar,
Məhbussa bağbanı, de, neyləsin bar?
Yarımçıq qafıyəm, mövzularım var,
Yaralı bir quşa dönmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim.
 
 
Alqayıt bir ümman, sən bir ovuc qan,
Hökmündədir həyat, əlindədir can.
Yenicə sökülür gözlərimdə dan,
Qaranlıq məhbəsə dönmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim.
 
1983-cü il, Gəncə.

Eyləmişəm

 
Canımı istəsə, əsirgəmərəm,
Dosta sirr deməyi tərk eyləmişəm.
Saç-saqqal ağarıb, diz girdən düşüb,
Dünyanı təzədən dərk eyləmişəm.
 
 
Çatılıb dizlərim, bağlıdır əlim,
Eşitmir qulağım, lal olub dilim.
Təbibim, loğmanım, ay obam, elim,
Sağalmaz yarayam, çirk eyləmişəm.
 
 
Dedim, tərəqqidən gəl yazaq, qardaş,
Səs yazma lentinə köçürdü birbaş.
Yedi ürəyimi qəm yavaş-yavaş,
Gör hansı alçağa ərk eyləmişəm?
 
 
Şan-şöhrət axtaran dövlətdə, varda,
Nə bilsin ar, namus qalıbdı harda?
Həqiqi tənqidi boranda, qarda,
Geymişəm əynimə, kürk eyləmişəm.
 
 
Alqayıt, səndədir elin diqqəti,
Bu ülvi baxışdan yayınma qəti.
Əsrin tələbidir yaz həqiqəti,
Demə ki, səhv düşüb, görk eyləmişəm.
 
1987-ci il, Xanlar şəhəri.

Sağalim!

 
Bu dava, bu dərman sağaltmaz məni,
Köhlən at gətirin, çapım, sağalım.
O qədər viranə yurdum, yuvam var,
Hər yerdə bir xanə yapım, sağalım.
 
 
Mən könül vermişəm qartal səsinə,
Köpüklü çayların zümzüməsinə.
Vüqarla dırmaşım dağ zirvəsinə,
Bir yalçın qayadan qopum, sağalım.
 
 
Baş-başa vermişəm öz təlaşımla,
Çiçəkli yazımla, qarlı qışımla,
Ya kövrək duyğumla, ya göz yaşımla,
Elin varlığına hopum, sağalım.
 
 
On ildir görmürəm dağı, dağ kimi,
Yansam da bu yolda şam-çıraq kimi.
Kiminsə dilindən yalquzaq kimi,
Azadlıq kəlməsin qapım, sağalım.
 
 
Hazıram səngərdə, kaş buyruq olsun,
Nə arxadan zərbə, nə quyruq olsun.
Qoy, bu el birləşsin, bir yumruq olsun,
Birlikdir, tüfəngim, topum, sağalım.
 
 
Haqsızlıq qurşaqdan, günahlar dizdən,
Bütövlük gözləyir nəsillər bizdən.
El xəbər gətirsin qələbəmizdən,
Açılsın, örtülsün qapım, sağalım.
 
 
Alqayıtam, susub yazmır qələmim,
Bir tütək səsidir dərdim, ələmim,
Babamın, nənəmin ruhu məlhəmim,
Axtarım onları tapım, sağalım.
 
1998-ci il, Bakı

Dağlarin

 
Min fırtına qopa, qarlı qış gələ,
Səngiməz atəşi, közü dağların.
Od-alov püskürər kürreyi-ərzə,
Dönsə təbiətdən üzü dağların.
 
 
Ümmanlar qoynuna səpələr onu,
Əzizlər, oxşayar ləpələr onu.
İlhama gətirməz təpələr onu,
Zirvədən başlayar sözü dağların.
 
 
Haça qayaları sanki dəvədi,
Qisməti ucalıq, ömrü əbədi.
Ayağı altında zərli gəvədi,
Yastı çəmənləri, düzü dağların.
 
 
Gəl, qon dizim üstə, a xallı böcək,
Baharın gəlişi yalandır, gerçək?
Qışda buz bağlayar, baharda çiçək,
Al-əlvan geyinər yüzü dağların.
 
 
Bu qürbət ellərdə qəm məni didir,
Xəyalım göylərə baş alıb gedir.
Bir “Yanıq Kərəmi” həsrətindədir,
Tikilib gözümə gözü dağların.
 
 
Sazında yaralı simdik, nə fayda?
Şərbət sularında çimdik, nə fayda?
Döşündən şir südü əmdik, nə fayda?
Bilmədik qədrini düzü, dağların.
 
 
Alqayıt, ömr etdin baharlı, qışlı,
Ürəyi nisgilli, qəlbi təlaşlı.
Qoymaz övladım gözləri yaşlı,
Gələr görüşünə özü dağların.
 
1998-ci il, Bakı.

On ildir

 
Baharı bəd gəlib ana yurdumun,
Bar vermir baxçası, bağı on ildir.
Ah-nalə çəkməkdən, qan ağlamaqdan,
Əriyib gözümün yağı on ildir.
 
 
Bir sərin guşənin həsrətindəyəm,
Yam-yaşıl meşənin həsrətindəyəm,
Süslü bənövşənin həsrətindəyəm,
Kəsib yollarımı yağı on ildir.
 
 
Yapışıb əlindən dərd taleyimin,
Əyilməz, vüqarlı, mərd taleyimin.
Mənim bu qəzəbli, sərt taleyimin,
Bilinmir aranı, dağı on ildir.
 
 
Zamanın gərdişi tərsinə çönüb,
Elə bil göylərin günəşi sönüb.
Qaranlıq zindana, məhbəsə dönüb,
Bu yetgin ömrümün çağı on ildir.
 
 
Fitnədir qartalın heyrətsizliyi,
Ölümdür pələngin cürətsizliyi,
Bir neçə nadanın qeyrətsizliyi,
Çəkibdir sinəmə dağı on ildir.
 
 
Kəsdilər kökünü neçə palıdın,
Vüqarı göylərdən uca palıdın,
El-oba söykənən qoca palıdın,
Quruyub meynəsi, tağı on ildir.
 
 
Alqayıtam, şirin dilli sazımla,
Bəşər tarixinə bəlli sazımla,
Qorqud yadigarı telli sazımla,
Çaldığım bayatı, ağı on ildir.
 
13 iyun 1996-ci il, Gəncə.

Ay ana

 
Nə yaxşı ki, gəldi sənin xoşuna,
Mən bu qıza qurban olum, ay ana.
Qədəmində həyat eşqi gətirən,
Nurlu yaza qurban olum, ay ana.
 
 
Gedəsidir daş-qaşlar da, axça da,
Əmlik kəsdir, ocaq çatdır baxçada.
Nəyin varsa, bağlamada, boxçada,
Ver güdaza, qurban olum, ay ana.
 
 
Ürəklərdə qəm-qüssəni qocaldan,
Bir “Yallının vurğunuyam haçandan.
Qaynatanı, qaynananı ucaldan,
İşvə-naza qurban olum, ay ana.
 
 
Nə müddətdir gözün qalıb boyumda,
Qız gəzirdin nəsilimdə, soyumda.
Pulun-paran azlıq etsə toyumda.
Mən o aza qurban olum, ay ana.
 
 
Alqayıta həm xilqətsən, həm ərən,
Toyumuza çələng tutan, gül dərən.
El-obaya qüvvət verən, güc verən,
Telli saza qurban olum, ay ana.
 
1980-cı il, Qazax.

Gözümdə

 
İnsanlarda inam, ilqar itəli,
Təpələnib dağlar mənim gözümdə.
Qan qoxuyur çiçəklərin ətri də,
Bar gətirmir bağlar mənim gözümdə.
 
 
Xəzan vurdu novruz gülü bitməmiş,
Susdu bülbül, bircə ağız ötməmiş.
Arzusuna, istəyinə yetməmiş,
Saralıbdır tağlar mənim gözümdə.
 
 
Bir şimşəyəm, kükrəməmiş, çaxmamış,
Bir nəğməyəm, ürəklərə axmamış.
Bu dünyaya bir doyunca baxmamış,
Əriyibdir yağlar mənim gözümdə.
 
 
Duyğusuza nə ünsiyyət, nə qılıq,
Mən bir ögey, dünya mənə analıq.
El möhnəti, sevgi qəmi, ayrılıq,
Ümman olub çağlar mənim gözümdə.
 
 
Alqayıtam, nə dincəlim, nə yatım,
Oxunmayıb bircə həzin bayatım.
Ölən eşqim, ilk istəyim, həyatım,
Nalə çəkər, ağlar mənim gözümdə.
 
1987-ci il, Xanlar.

Mənim

 
Adi bir oğluyam Azərbaycanın,
Musiqi, şeiriyyət dilim var mənim.
Dərin laylarında ana torpağın,
Nə qədər gövhərim, ləlim var mənim.
 
 
Söyləmə rəngimə, bəxtimə qara,
Gör od allahını kim çəkib dara?
Dünyanı qərq edən dövlətə, vara,
Ağsaçlı Muğanım, Milim var mənim.
 
 
Gəncəm, Qarabağım, Şəkim, Şirvanım,
Əzəldən deyilmi şöhrətim, şanım?
Səmada qartalım, düzdə ceyranım,
Dağlarda dağ boyda kəlim var mənim.
 
 
Qobustan kükrəyən, çaxan mirvari,
Kəpəz tariximə baxan mirvari.
Göy-göl gözlərimdən axan mirvari,
Araz, Kür çayı tək selim var mənim.
 
 
Təbəssümün saxta, gülüşün yalan,
Bir de, nədir səni təşvişə salan?
Əsrin yaddaşında həkk olub qalan,
Gör neçə müqəddəs ilim var mənim.
 
 
Keçirsə fikrindən ağalıq, şahlıq,
Bəs hanı itaət, bəs hanı qılıq?
Nəğməm beynəlmiləl, bəstəm azadlıq,
Ayda çarpazlaşan əlim var mənim.
 
 
Alqayıtam, məni duy yavaş-yavaş,
Amandır, ruhuma toxunma, qardaş.
Yaralı pələngdir bu torpaq, bu daş,
Qəfəsdə aslanım, filim var mənim.
 
1987-ci il, Şamaxı.

Hayifim gəlir

 
Qorxmuram ölümdən, bu, bir qanundur,
Bizsiz təbiətə hayıfım gəlir.
Hər qarış torpağa, yala, yamaca,
Vurduğu ziynətə hayıfım gəlir.
 
 
Ömür dedikləri qanlı bir dastan,
Kiminə çətindir, kiminə asan.
Dünyanın əşrəfı, şöhrəti insan,
Bəşəri xilqətə hayıfım gəlir.
 
 
Həyat mənalıdır bilmirəm nədən?
Kiminə qürbət el, kiminə vətən.
Milyon ürəklərdə kül olub gedən,
Bu şerə, sənətə hayıfım gəlir.
 
 
Əsiri deyiləm şöhrətin, varın,
Saxta gülüşlərin, bəd rəftarların.
Yalançı möminin, çox mollaların,
Getdiyi cənnətə hayıfım gəlir.
 
 
Həmişə gül açmır sən gözlədiyin,
Sevdiyin, seçdiyin, əzizlədiyin.
Duyğusuz gözələ hey bəslədiyin,
Ülvi məhəbbətə hayıfım gəlir.
 
 
Pərvanə özünü yandırar oda,
Hay vurub qıy çəkməz qartal yuvada.
Yaxşı ataların nankor övlada,
Çəkdiyi zəhmətə hayıfım gəlir.
 
 
Alqayıt, necoldu sevib, seçdiyin,
Dost deyib yolunda candan keçdiyin?
Nadan sərsərilə yeyib içdiyin,
Şəkərə, şərbətə hayıfım gəlir.
 
1986-cı il, Göyçə

Dindimi

 
Nazlı bahar, qədəmlərin mübarək,
Çiçək ətri bürüyübdür kəndimi.
Dərələrdən, təpələrdən sürünən,
Çiskindimi, dumandımı, çəndimi?
 
 
Lilpar əsam, bulaqlardır çeşməyim,
Başa yetdi qovrulmağım, bişməyim.
Əlindədir təbdən-təbə düşməyim,
Sən bilirsən bircə mənim fəndimi.
 
 
Min büsat var, yenə eldə, obada,
Sığırçınlar cəh-cəh vurur yuvada.
Durna qalxdı, qatarlandı, havada,
Şahin, şonqar bərəsinə endimi?
 
 
Mirvaridir dənizlərim, göllərim,
Əyilməzdir obalarım, ellərim.
Çəmənlərim, zəmilərim, çöllərim,
Deyin görüm, sünbülünüz dəndimi?
 
 
Alqayıtam, qanadlanıb duyğular,
Hər süslü çiçəkdə həyat eşqi var.
Ötən ilki küsülülər, ay bahar,
Gəlişinlə danışdımı, dindimi?
 
1985-ci il, Xanlar.

Getdi

Y.Rzayevin ölümünə


 
Yunis dayı bu sehirli dünyadan,
Gedəndə Koroğlu sayağı getdi.
Böyük bir mahalın ağır, bir elin,
Arxası, köməyi, dayağı getdi.
 
 
Bu odlar yurdunun əzmi qüruru,
İstəyi, arzusu, əqli, şüuru,
Qəlbimin riqqəti, gözümün nuru,
Əlimin xınası, boyağı getdi.
 
 
Alqayıt, oxlandı min qartal səsi,
Kəsildi dağlardan igid nərəsi.
Böyük bir Vətənin idrak çeşməsi,
Göylərə nur saçan mayakı getdi.
 
1989-cu il, Bakı.

Dəyməsin

 
Qızıl da, gümüş də gəldi gedərdi,
Ulu xilqət qoy canıma dəyməsin.
Özü hifz eyləsin şərdən, qəzadan,
Şöhrətimə, ad-sanıma dəyməsin.
 
 
Nə ölüm dəhşətdir, nə də varsızlıq,
Ötəridir bəhrəsizlik, barsızlıq.
Xudpəsəndlik, qeyrətsizlik, arsızlıq,
Təkcə mənim ünvanıma dəyməsin.
 
 
Alqayıtam, nə altunam, nə zərəm,
Ləl yerinə həqiqəti gəzərəm.
Ürəyimi parçalasa dözərəm,
Böhtan əli vicdanıma dəyməsin.
 
1985-ci il, Xanlar.

Diləyim

 
Dağlar, səndə tapdığımı itirdim,
Qığılcıma, oda döndü diləyim.
Öz elinin, obasının, vurğunu,
Bir quş idim, vaxtsız düşdü lələyim.
 
 
Dərələrdə, təpələrdə gəzmişəm,
Çəmənlərdə çiçəyini əzmişəm.
Bilirsənmi, niyə dərdə dözmüşəm,
Zirvələrdən güc alıbdı biləyim.
 
 
Tellərinə çiçək lenti bağlayan,
Qızılgülün dövrəsində çağlayan.
Gizlənəndə hiddətindən ağlayan,
Hanı mənim gözü yaşlı mələyim?
 
 
Qanadlandım, pərvazlandım, uçmadım,
Həsrətindən, möhnətindən qaçmadım.
O yazığa ürəyimi açmadım,
Bax, beləcə baş tutmadı “kələyim”.
 
 
Tapdığımı, dağlar, səndə itirdim,
Alqayıtam, qəm dastanı bitirdim.
O zamandan ömrü başa yetirdim,
O zamandan ələnibdir ələyim.
 
1982-ci il, Xanlar.

Azərbaycanim

 
Sənə qərənfillər dərməkdən öldük,
Səni yas içində görməkdən öldük.
Sənə başsağlığı verməkdən öldük,
Bakım, Qarabağım, Xoyum, Zəncanım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Şəhidlər qanıdır sinəndə ulduz,
Sağalmaz yarana duz bağlanıb, duz!
Gündüz narahatsan, gecə yuxusuz,
Nə Səttar xanım var, nə Xiyabanım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Özümü qarsıyan alovam, odam,
Naləyəm, fəryadam, amanam, dadam.
Dərdinə, qəminə demə ki, yadam.
Adi bir daşına qurbandı canım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Torpağın qandallı, millətin kölə,
Fəxri xiyabanda bax şəbnəm gülə.
Ərmağan verildi, keçdi yad ələ,
Zərli qədəhlərim, qızıl fincanım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Sən qıfıllı dodaq, kəsilən əlsən,
Odlu kipriyimdən ələnən selsən.
Laçında, Şuşada, Qazaxda bilsən,
İgidlər qanıdır, tökülən qanım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Dindirsən, köksümdə telli saz ağlar,
Neçə bahar ağlar, neçə yaz ağlar.
Xəzər ağı deyər, Kür-Araz ağlar,
Bu qəmə, möhnətə necə dayanım,
Sinəsi yaralı Azərbaycanım?
 
 
Əsrin qandalıdır dizlərimdəki,
Şəhidlər qanıdır izlərimdəki.
Cənub həsrətidir gözlərimdəki.
Tikanlı məftildir baxsan dörd yanım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Bir gəmim qərq oldu Araz tək çayda,
On səkkiz milyonum getdi, nə fayda?
Yarım o taydadır, yarım bu tayda,
Var belə möhnətim, var həyəcanım,
Sinəsi yaralı Azərbaycanım.
 
 
Büküldü belimiz dərd qalağında,
Hökm edir ağalar işrət bağında.
Biz hələ yatmışıq fil qulağında,
Yoxdur söz qananım, mətləb duyanım,
Sinəsi yaralı Azərbaycanım.
 
1992-ci il, Bakı

Olmur

 
İgidlər məskəni bu ana yurdun,
İsti nəfəsindən yazmasam olmur.
Cüyür ayağında ilişib qalan,
Ovçu tələsindən yazmasam olmur.
 
 
Bahar həsrəti var çəmənin, çölün,
Sonası oxlanmış, o zümrüd gölün.
Qızılgül eşqilə ötən bülbülün,
Qəmli naləsindən yazmasam olmur.
 
 
O yalçın qayada kimimsə qalıb,
Hissimi, duyğumu kəməndə salıb.
Palıd ağacının seyrinə dalıb,
Çinar kölgəsindən yazmasam olmur.
 
 
Əsiri olmuşam qoca dağların,
Torpağını quca-quca dağların.
Vüqarlı dağların, uca dağların,
Dumanlı köksündən yazmasam olmur.
 
 
Alqayıt, hər izdə min xatirə var,
Dolan mahal-mahal, gəz diyar-diyar,
Sən ey gözəllikdən yazan sənətkar,
Mən qartal səsindən yazmasam olmur.
 
1983-cü il, Xanlar

Bağlamişam

 
Bulunmaz olubdur şəfam, şəfqətim,
Ay ellər, yarama duz bağlamışam.
Canım təngə gəlib üşütmələrdən,
Yayın istisində buz bağlamışam.
 
 
Ucalan görürəm neçə əyyaşı,
Həyat dərsi keçir bisavad, naşı.
Kiminsə xətrinə, kiməsə qarşı,
Həyalı üzümə üz bağlamışam.
 
 
Mənə sus deyirlər, susuram inan,
Fitnə ayaq alır, yeriyir böhtan.
Alqayıtam, haqdır bizi yaradan,
Sıtqımı mövlaya düz bağlamışam.
 
1983-cü il, Gəncə

Düşdük

 
Sən görən aşiqəm, ay vəfasız yar,
Dəyişdik bir qeyri donamı düşdük?
Görüşünə gəlmək müşkül hal oldu,
Bir qələt eylədik, qanamı düşdük?
 
 
Duydum gözlərinin məharətini,
Müjgan kipriklərin cəsarətini.
Könüllər itirdi hərarətini,
Qəlbin buz bağladı, donamı düşdük?
 
 
Alqayıtam, yaman mehriban idik,
Gəlhagəl, gethaget, canhacan idik.
Eşqidə Həzrəti Süleyman idik,
Yıxıldı taxtımız, yanamı düşdük?
 
1972-ci il, Ağstafa

Soruş

 
Vətən qızı, məhəbbətin odunu,
Qüssələr bağrını dələndən soruş.
Qəm çəkməyin, müsibətin dadını,
Ayrılıq başına gələndən soruş.
 
 
Təbiblər donunu geysə də cahan,
İlk eşqin yarası sağalmaz, inan.
Gündə neçə dəfə alışıb yanan,
Məqsədi naminə öləndən soruş.
 
 
Alqayıtam, bilməmişəm dünyada,
Sızlamaqdır, nədir peşəm dünyada?
Səndən ayrı nə çəkmişəm dünyada,
Get, belə dərdləri biləndən soruş.
 
1980-ci il, Göyçə.

Nə bilmək olur

 
Zirvələr eşqilə çırpınan, könül,
Həyatın işini nə bilmək olur.
Tərəqqinin tənəzzülü qabaqda,
Çarxın gərdişini nə bilmək olur.
 
 
Kim zildən oxusa, sən dayan pəsdə,
Zamana bəd gəlib həqiqət istə.
Maral da qəfəsdə, şir də qəfəsdə,
Qan tökən vəhşini nə bilmək olur.
 
 
Nərdi bir həyatdır, mənası dərin,
Alqayıt, oynama yoxsa hünərin.
Qələbə əzmilə atdığın zərin,
Şeşini, beşini nə bilmək olur.
 
1975-ci il, Gəncə.

Gözüm var mənim

 
Vətən bağçasında açan güllərin,
Əlvan boyasında gözüm var mənim.
Qartalı qıy vuran uca dağların,
Yalçın qayasında gözüm var mənim.
 
 
Bir içim su verin, bir tikə çörək,
Şan-şöhrət eşqilə döyünməz ürək.
Yurduna səadət, xalqına gərək,
Sənət dünyasında gözüm var mənim.
 
 
Şikarında nər ovlayan, nər gəzən,
Ömrü boyu bir müqəddəs ər gəzən.
Yanağında puçur-puçur tər gəzən,
Qadın həyasında gözüm var mənim.
 
 
Musiqi deyilən cahın-cəlalın,
Gəlin, ürəyimdə seyrinə dalın.
Aşıqlar ustadı aşıq Zeynalın,
“Cəngi” havasında gözüm var mənim.
 
 
Dəyişməz olsa da hökmü zamanın,
Ömrü gödək olar yazda dumanın.
Alqayıtam, telli sazın, kamanın,
Qəmli nəvasında gözüm var mənim.
 
1981-ci il, Göyçə – Daşkənd kəndi.

Ay hayif

 
İl dəyişdi, qonaq gəldi təzə il,
Bir il də ömürdən getdi, ay hayıf!
Neçəsini sevindirdi bu gəliş,
Neçəsini məyus etdi, ay hayıf!
 
 
Qaysaq atdı nizələnmiş həsrətim,
Təbriz üçün özələnmiş həsrətim.
Araz boyu çözələnmiş həsrətim,
Nə tükəndi, nə də bitdi, ay hayıf!
 
 
Alqayıtam, dərdli, nalan ürəyim,
İstəyinə həsrət qalan ürəyim,
Şəfqətini eldən alan ürəyim,
Həzin dindi, həzin ötdü, ay hayıf!
 
1980-ci il Göyçə

Mən

 
Əsrin haqq səsinə könül verəli,
Çalındım nifrətlər tütəyində mən.
Şöhrət gözləyirdim, ad gözləyirdim,
Döyüldüm zamanın kötəyində mən.
 
 
Alimlər müttəhim, iblislər hakim,
Bu qanlı gərdişdən can qurtarar kim?
Kim kimə gözətçi, kim kimə təhkim?
Qalmışam şübhələr yedəyində mən.
 
 
Yad ellər köksümdən atdı lağımı,
Sındırdı qolumu, qırdı tağımı.
İllərlə gəzdiyim rahatlığımı,
Tapmışam arılar pətəyində mən.
 
 
Alqayıtam, xəyallara dalıram,
Dərin dəryalarda lövbər salıram.
Gündə neçə dəfə namaz qılıram,
Gör neçə dinsizin ətəyində mən.
 
1984-cü il, Xanlar.

Qoymayin

 
Şikar üçün ad verdilər quzğuna,
Şahin qəlbi yaralandı, qoymayın!
Sərçə bir qıy çəkdi, dağlar qartalı,
Yuvasından aralandı, qoymayın!
 
 
Ahunu, maralı kim salıb xəstə?
Kərgədan əsəbi, pələng can üstə.
Min aslan ürəyi polad qəfəsdə,
Daşa dəydi, paralandı, qoymayın!
 
 
Qanun-qayda bir yelkənsiz gəmidi,
Nanəcibin, nakişinin dəmidi.
Alqayıtın həyat eşqi, ümidi,
Bəxti kimi qaralandı, qoymayın!
 
1984-cü il, Xanlar

Dağlarin

 
Yenə köçhaköçdür, düzülüb yola,
Köhləni, mayası, nəri dağların.
İnan arxasınca tökülüb gələr,
Tərpənsə yerindən biri dağların.
 
 
Zirvələr, buludda yuyunar, çimər,
Çiçəklər ətrini günəşdən əmər.
Ağ sürü belinə dolanan kəmər,
Ayna bulaqlardır zəri dağların.
 
 
Saçları şəfəqlə daranan gündən,
Qartalı qayada aranan gündən.
İgidlər məsgəni yaranan gündən,
Bir olub xeyiri-şəri dağların.
 
 
Dumana bürünər hər gələndə yaz,
İstəyi laləzar, qəlbi telli saz.
Dara düşsə, bir kimsəni çağırmaz,
Özüdür pələngi, şiri dağların.
 
 
Alqayıt, bağrına bas bu Vətəni,
Laləni, nərgizi, tər yasəməni.
Bir yana çıxarmaz təpələr səni,
Yeri arxasınca, yeri, dağların!
 
1986-cı il, Xanlar

Heç

 
Zəki İslam, bəxt ulduzum sönəndə,
Sular köpüklənib bulandımı, heç?
İsti yuvasından uçan tərlanın,
Dünyalar başına dolandımı, heç?
 
 
Əlini dünyadan üzən xəstənin,
Yoluma gül-çiçək düzən xəstənin.
Yeni cərrah əli gəzən xəstənin,
Köhnə yaraları sulandımı, heç?
 
 
Alqayıtam, ümidvaram hələ ki,
Tale üstlərində yar olsun, ta ki!
Son sözünü kimə dedin, ay Zəki,
Od düşüb mülkünə talandımı, heç?
 
1979-cu il, Göyçə.

Kimi

 
Bilirəm, yolumu hey gözləyirsən,
Xəstə təbibini gözləyən kimi.
İzlə hörmətimi, izlə adımı,
Ana körpəsini izləyən kimi.
 
 
Sənsən mehribanım, dinim-imanım,
Ülvi duyğularım, şöhrətim-şanım.
Gətir nəfəsini od alım, yanım,
Küləklər ocağı közləyən kimi.
 
 
Sənsən Alqayıta arzu, həm dilək,
Kəsmə ülfətini, a nazlı mələk.
Gözlə, evimizi yıxmasın fələk,
Kasıb komasını düzləyən kimi!
 
1979-cu il, Göyçə.

Gör kimə verib

Vəzifəli bir şəxsə


 
Xəzinə sahibi, bəşərin tacı,
Bu varı, dövləti gör kimə verib?
Könül dustağıdır, incə gözəllər,
Eşqi, məhəbbəti gör kimə verib?
 
 
Sağalmaz taleyin vurduğu yara,
Yüz təbib soraqla, yüz təbib ara.
Səbiri, dözümü binamuslara,
Qəzəbi, nifrəti, gör kimə verib?
 
 
Nadanlar qanmayıb qəbahətini,
Həyata, insana xəyanətini.
Xəsisə dünyanın var-dövlətini,
İnsafı, mürvəti gör kimə verib?
 
 
Nə üçün Saranı verdik sellərə?
Elimi, obamı xərçəng əllərə?
Yüz milyonu səpələyib çöllərə.
Birliyi, vəhdəti gör kimə verib?
 
 
Həsrətim ziyada, ürəyim dağlı,
Kəsirsən başımı, qollarım bağlı.
Əsir düşüb Dəli Həsən, Koroğlu,
Qılıncı xəlvəti gör kimə verib?
 
 
Alqayıt, həyatı duymamış nadan,
Deyər mənim olsun bu bağ, bu bostan.
Qan axır köksünün yaralarından,
O qızıl şərbəti gör kimə verib?
 
1972-ci il, Mingəçevir.

Göndərin məni

Maarif naziri Mehdizadəyə


 
Ora doğma yurdum Azərbaycandır,
Ən uzaq guşəyə göndərin məni.
İstər, şiş qayalı uca dağlara,
İstər, sıx meşəyə göndərin məni.
 
 
Qazaxda köhlən at çapmağa gedim,
Şuşada Vaqifı tapmağa gedim,
Hər yerdə bir xanə yapmağa gedim,
Qadirəm hər şeyə, göndərin məni.
 
 
Bilir qiymətini yaxşı da, pis də,
Min ümid duyuram hər quru səsdə.
Alaraq Müşfıqi qollarım üstə,
Laylalar deməyə göndərin məni.
 
 
Füzuli eşqinə qara bağladı,
Vidadi ah çəkib sinə dağladı.
Harda ki, Nəsimi, Vaqif ağladı,
O yerə, o göyə göndərin məni.
 
 
Naxçıvanda hərdən çıxım talaya,
Baxım qoç Koroğlu tikən qalaya.
Ağdama, Ağdaşa, Zaqatalaya,
Bir plov yeməyə göndərin məni.
 
 
Çoban qardaş ağ sürünü yayınca,
Dolanım Arazı, gəzim doyunca.
İmişli, Beyləqan sərhəd boyunca,
Dərdimi bölməyə göndərin məni.
 
 
Öz ünvanı, öz adı var hər kəsin,
Həsrət, könül deyin, necə dinməsin?
Şəhriyar yurdunu gözüm görməsin,
Təbrizə ölməyə göndərin məni.
 
 
Cavidlər yurdudur mənim bu yurdum,
Vurğundur sönməyən alovum, odum.
Azsa da yolunu, şeir, söz ordum,
Onlara köməyə göndərin məni.
 
 
Ürək bir qapıdır, könül astana,
Alqayıt meyl etməz hər gülüstana.
Ələsgər vətəni, baharıstana,
Təkcə dərs deməyə göndərin məni.
 
1967-ci il, Bakı.

Gəlmərəm

 
Özün dedin, son görüşdür bu görüş,
Kəlmələrin bağrım oydu, gəlmərəm!
An içində təbiətin dəyişdi,
Sevən qəlbin kimə uydu, gəlmərəm?
 
 
Bir sən oldun, bir mən oldum, bir dəniz,
Sahil boyu rəqs eylədi kölgəmiz.
Əsir düşdü, tapdalandı cərgəmiz,
Könlüm səni gizli duydu, gəlmərəm!
 
 
Alqayıtın ümidi yox beş günə,
Tale kəmənd atıb ömrüm köşkünə.
Ovsunçuydum sən tərlanın eşqinə,
Fələk məni həsrət qoydu, gəlmərəm!
 
1979-cu il, Göyçə.

Hayif

 
Bir tülək tərlanım uçdu əlimdən,
Yenə yaralarım sulandı, hayıf!
Hissim, duyğularım toxundu daşa,
Şəkərim, şərbətim calandı, hayıf!
 
 
Tərlan ad verdiyim, tülək sandığım,
Arzu düşündüyüm, dilək sandığım.
Döndü iblislərə mələk sandığım,
Dünyalar başıma dolandı, hayıf!
 
 
Düşdüm girdabına işvə-nazının,
Şirin ləhcəsinin, xoş avazının.
Sonradan gördüm ki, bir el qızının,
Vücudu, varlığı yalandı, hayıf!
 
 
Alqayıt tapdamaz əzmi, qüruru,
Qəlbdəki istəyi, üzdəki nuru.
Aydan təmiz idi, Günəşdən duru,
Könlümün çeşməsi bulandı, hayıf!
 
1984-cü il, Gəncə

Yox – yox

 
Xəbis ara vurdu, xain can atdı,
Nadan məqsədinə çatdımı? Yox-yox!
Saldı girdabına bədxahı zaman,
Çirkin əməlini atdımı? Yox-yox!
 
 
Xəstə gördüm şan-şöhrətə uyanı,
Yaltaqlığı bir nəzakət sayanı.
Nəsimiyə vəd etdilər dünyanı,
Kişilik qeyrətin satdımı? Yox-yox!
 
 
Piltəsiz çıraqdır, kölgəsiz adam,
Mən elə şöhrətə, mənliyə yadam.
Neçə günahsızı etdilər edam,
Həqiqət günəşi batdımı? Yox-yox!
 
 
Çürüdü yer altda mücrülər, zərlər,
Dünya fatehləri, ər oğlu ərlər.
Daralar, Qacarlar, qoç İsgəndərlər,
Süleyman mülkünü tutdumu? Yox-yox!
 
 
Alqayıt, deyirdin qəm müddəsildi,
Onu ürəyindən gör kimlər sildi?
Gecələr vicdanın hakim kəsildi.
Gözlərin bir yuxu yatdımı? Yox-yox!
 
1984-cü il, Xanlar

Ləkələndi

 
Qurdu hakim bilib önə çəkdilər,
Əyri şəfa tapdı, düz ləkələndi.
Tülkü dərisindən papaq tikdilər,
Astar qana batdı, üz ləkələndi.
 
 
Timsahlar dünyanı çəkdi kamına,
Çaqqallar pələngi aldı zamına.
Qurd keşikçi durdu qoyun komuna,
Leş-leşə calandı, küz ləkələndi.
 
 
Hamıdan baş olan ayaqda getdi,
Arxa da məhv oldu, dayaq da getdi,
Həqiqi gözəllik boyaqda getdi.
Dodaq yasa batdı, üz ləkələndi.
 
 
Evindən küsənlər qavala cumdu,
Özüm də bilmədim bu nə hücumdu?
Əsl sənətkarlar ağzını yumdu,
Mahnı dəbdən düşdü, söz ləkələndi.
 
 
Alqayıtam, yenə lal olub dilim,
Yatmayın qəflətdə, ya obam, elim.
Alim nadan oldu, nadanlar alim,
Sənət dünyasında iz ləkələndi.
 
1987-ci il, Şamaxı.

Bəllidir

 
Sərçə qıy vursa da, dəndir gəzdiyi,
Qartal ki, var, sürətindən bəllidir.
Nəyə lazım daxilini yoxlamaq?
İnsan adam sifətindən bəllidir.
 
 
Qılınc kəsərindən, igid sözündən,
Ovçu atəşindən, ahu izindən.
Maral buynuzundan, ceyran gözündən,
Tovuz quşu surətindən bəllidir.
 
 
İgid olsan, ellər yonar büstünü,
Hündür baca yaxşı çəkər tüstünü.
Ay Alqayıt, kəsməsən də üstünü,
Qorxaq adam heyrətindən bəllidir.
 
1980-ci il, Göyçə.

Deyəmmərəm

 
Yazı yaz görmüşəm, payızı payız,
Qarlı zimistana yay deyəmmərəm,
Sonası oxlanmış göllərə dərya,
Sısqa bulaqlara çay deyəmmərəm.
 
 
Qatır yükcül olar, kürən at kəkir,
Kimsə yurd dağıdır, kimsə yurd tikir.
Biri civildəyir, biri qıy çəkir,
Sərçəni qartala tay deyəmmərəm.
 
 
Zamanın hökmüdür, taleyin əmri,
Altun saymaq olmaz adi dəmiri.
Dörd fəsil yaşayır hər insan ömrü,
Hər qəmə, qüssəyə vay deyəmmərəm.
 
 
Yetən soruşmasın nə haydı, küydü,
Hicran parçaladı, qəm məni döydü.
Yer sudur, torpaqdır, göyümüz göydü,
Günəşə, Ulduza Ay deyəmmərəm.
 
 
Nankonlar at mindi, qaldım piyada,
Sahibsiz qalıbdı yuvam qayada.
Alqayıtam, qara günüm ziyada,
Xoşbəxt günlərimi say deyəmmərəm.
 
15 dekabr 1996-cı il.

Günah var

 
Çatmırsa mənzilə getdiyin yollar,
Tapdanan cığırda, izdə günah var.
Ana təbiəti danladıq, söydük,
Bir dəfə demədik, bizdə günah var.
Tərəqqi bəxtinə öyünmə qəti,
Ömür müvəqqəti, gün müvəqqəti.
Bişmirsə, neyləsin əmliyin əti?
Qalanan ocaqda, közdə günah var.
 
 
Şahmat oynundadır vəzir də, şah da,
Udan tərəqqidə, uduzan ahda.
Tüfəng düzgün atır, ov nişangahda,
Dəymirsə hədəfə, gözdə günah var.
 
 
Alqayıt, yüz dolan kürreyi-ərzi,
Var bütün işlərin avandı, tərsi.
Cırılan paltara neyləsin dərzi?
Deməli, astarda, üzdə günah var.
 
5 sentyabr 1997-ci il.

Yetimmi

 
Ana Vətən, qəm həddini aşanda
Harayına, hay səsinə yetimmi?
Təşnə qəlbin fəryadına dözmürəm,
Nalə çəkim, həzin-həzin ötümmü?
 
 
Hanı dağlar, təzə gəlin boyalım?
Bulaqları gur şəlaləm, röyalım.
Zirvələri fəth eyləyən xəyalım,
Daşda qalan dırnağımmı, ətimmi?
 
 
Çalışıram adım düşə dastana,
Qəm gölündə kipriklərim islana.
Sənli dünyam gözəlliyə astana,
Sənsiz qalan duyğularım yetimmi?
Bir pay göndər quzuqulağı, kövrəlim,
Yada salım, Yüz bulağı, kövrəlim.
Xəyal gəzsin Buz bulağı, kövrəlim,
Yaşayımmı, bu dünyadan itimmi?
 
 
Alqayıtam, güllərim var qucaqda,
Pünhan edim, söylə hansı bucaqda?
Ana Vətən, həsrət adlı ocaqda,
Barmağımı, əllərimi ütümmü?
 
12 may 1994-cü il, Almaniya.

Aparsin

Ədalət Kürdoğluna


 
Çal, Ədalət, o tellərə bükülüm,
Xəyal məni uzaqlara aparsın.
Qoşulum köçünə Sofi Lələnin,
Obalara, oymaqlara aparsın.
 
 
Şırım var köksündə, kimədir borcun?
Həm Dədə Qorqudsan, həm aşıq Cünun.
Çal, əziz qardaşım, dərdlidir Məcnun,
Leyli qəmin o dağlara aparsın.
 
 
Çal, oxu, süzülsün bal qayalardan,
İlk eşqi soraqla lal qayalardan,
Qoy alsın Fərhadı sal qayalardan.
Durna gözlü bulaqlara aparsın.
 
 
Sən sazda göynək at, çoban tütəkdə,
Qoy düşüm taqətdən, qalım yedəkdə,
Elə çal ki, qəm kükrəsin ürəkdə,
Həsrət məni yaylaqlara aparsın.
Vətənsiz yaşasın Alqayıt necə?
Çal, geri qayıtsın Kəlbəcər, Göyçə.
Sənin telli sazın məni gizlicə,
O müqəddəs ocaqlara aparsın.
 
1 oktyabr 1997-ci il, Bakı

Demədimmi!

 
Ay inadkar, dəcəl – xəta, insafsız,
Ələnib başıma qar, demədimmi?
Yaralarım qaysaq atar, qanayar,
Ürəkdə həsrətim var, demədimmi?
 
 
Büdrəməz, yıxılmaz söykənən dağa,
Ağlasan, göz yaşın dönər bulağa.
Sənin vücuduna başdan-ayağa,
Qeyrət demədimmi, ar demədimmi?
 
 
Mən səni duyuram, düşünürəm hey,
Surə qaşlarındı, nə əlif, nə bey?
Hissimə, duyğuma yaralı bir ney,
Qəlbimə inləyən tar, demədimmi?
 
 
Çəkə bilsən yüz cəfamı, cəbrimi,
Qəza qırmaz, fələk kəsməz səbrimi.
Ölən günü, ay insafsız, qəbrimi,
Titrək əllərinlə yar, demədimmi?
 
 
Alqayıtam, eşit, unutma qəti,
Ömür gedər-gəlməz, səs müvəqqəti.
Ürəkdə yurd salan qəmi, möhnəti.
Eyləmə aləmə car, demədimmi?
 
1985-ci il, Tanrıqullar.

Getdi

 
Ana itkisindən ağır nə varmış,
Söndü evimizin çırağı getdi.
Dizimin taqəti, qolumun gücü,
Əlimin əsası, yarağı getdi.
 
 
Vətən torpağıydı fikri, xəyalı,
Bir ana qəlbinin susdu royalı.
Peyğəmbər zəkalı, imam həyalı,
Elimin möcüzə sorağı getdi.
 
 
Onda insanlara inam var idi,
Səxavət var idi, ənam var idi.
Vətən itirmişdim, anam var idi,
Anasız telimin darağı getdi.
 
 
Günəşim qüruba endiyi gündən,
Bir ovuc torpağa döndüyü gündən,
Qürbətdə alışıb söndüyü gündən
Könlümün sevinci, marağı getdi.
 
 
Alqayıtam, həyat zəhərdən acı,
Neyləsən, ölümün yoxdur əlacı.
Ömrümün bəzəyi, başımın tacı,
Şerimin məhəbbət varağı getdi.
 
31 dekabr 1996-ci il, Yevlax.

Ay ellər!

 
Xəncərə dönübdü saz sinəm üstə,
Ovxarı pas tutub, ötmür, ay ellər.
Nə ahım dağlara bülənd olubdur,
Nə əlim vətənə yetmir, ay ellər.
 
 
Bəlalı başıma göydən od yağır,
Düşmənim hiyləgər, millətim fağır.
Gün-gündən bəd gəlir, il-ildən ağır,
Bu möhnət tükənmir, bitmir, ay ellər.
 
 
Alqayıt ürəkdən çəkdiyi dərdi,
Duyanı yoxdursa, demək hədərdi.
Pul da, vəzifə də gəldi-gedərdi,
Ar-namus ləkəsi getmir, ay ellər.
 
1997-ci il, Bakı.

Yadimda

 
Nə müddətdir ayrılmışam Vətəndən,
Ana yurdun odu qalıb yadımda.
Tütək səsi, ağ sürülər, göy çəmən,
O günlərdən budu, qalıb yadımda.
 
 
Vurulmuşdum qıy səsinə qartalın,
Əsiriydim hər yamacın, hər yalın.
Ağ lavaşın, kərə yağın, şan balın.
Qovurmanın dadı qalıb yadımda.
 
 
Alqayıtam, dərdim, qəmim bilinib,
Bağrım başı şan-şan olub dəlinib.
Hər nə varsa, xəyalımdan silinib,
Bir o elin adı qalıb yadımda.
 
1997-ci il, Bakı.

Görməmişəm!

 
On ildir yurduma qar, çovğun əsib,
On ildir bağımda bar görməmişəm.
Vətəndə vətənsiz yaşamaq kimi,
Zindan görməmişəm, dar görməmişəm.
 
 
Dünyanın namərdi, mərdi var, lələ,
Adi milçəyin də dərdi var, lələ.
Vətəndaş olmağın şərti var, lələ,
Şöhrəti insana yar görməmişəm.
 
 
Yetimə, yesirə baxma yad kimi,
Gərək ol hamıya qol-qanad kimi.
Ləkəsiz yaşamaq, təmiz ad kimi,
Dövlət görməmişəm, var görməmişəm.
 
 
Köhlən at bəslədik, yeriməz oldu,
Madyan qəşş eylədi, kiriməz oldu,
Yağdı saçlarıma, əriməz oldu,
Ömrümdə mən belə qar görməmişəm.
 
 
Göyçə bir loğmandı, Alqayıt xəstə,
Ürəyi nisgilli, qəlbi şikəstə,
Vətən torpağını sevməyən kəsdə,
Arsızlıq görmüşəm, ar görməmişəm.
 
1998-ci il, Bakı.

Xəbər gətir

 
Uç, ay qartal, o viranə Göyçəni,
Təpədən dırnağa süz, xəbər gətir.
Əlində tutduğun qəm çələngini,
Yaralı köksünə düz, xəbər gətir.
 
 
Dağlar idi nəvasına uyduğum,
Lilparını əllərimlə soyduğum.
Bəsdir qəm yediyim, kədər duyduğum,
Qüssənin bağrını əz, xəbər gətir.
 
 
Hər nə görsən, çək sinəmə dağı, de,
Kim becərir o bağçanı, bağı, de?
Abbasbəydə qanad saxla, ağı de,
Tərsə yaylağını gəz, xəbər gətir.
 
 
Bu elin dərdini dağlara söylə,
Qoy yaysın aləmə tütəklə, neylə.
Son şeirimi bir qayada həkk eylə,
Qılıncdan itidir söz, xəbər gətir.
 
 
Buzlu bulaq heç boynunu bururmu?
Dövrəsində el aşiyan qururmu?
Babaların məzar daşı dururmu?
Qalıb yollarında gəz, xəbər gətir.
 
1984-cü il, Xanlar.

Qaldi

 
Şimşək çaxdı, od ələdi bir anlıq,
Möhtəşəm dağlarda çən, çisək qaldı.
Bulud karvanıyla ötdü qaranlıq,
Əlimdə bir dəstə gül-çiçək qaldı.
 
 
Səngərdə sellərin açdığı şırım,
Döyüş meydanıdır bu son aşırım.
Sal qayanı parçaladı ildırım,
Yerində bir ovuc daş-kəsək qaldı.
 
 
Bir bulud harayı, bir qartal səsi,
Heyrətə gətirir duyan hər kəsi.
İldırım doğradı şamı, vələsi,
Yenə qoca palıd, palıd tək qaldı.
 
 
Dəhşət var dünyanın ehtişamında,
Sönən ocağında, yanan şamında.
Hay-haray qoparan yaz axşamında,
Nə yağış çilədi, nə külək qaldı.
 
 
Bürünsə çiskinə, çənə dağlarda,
Kimin nə həddi var dinə dağlarda?
Biz qaldıq, gözlədik, yenə dağlarda,
Bir çoban, bir sürü, bir tütək qaldı.
 
 
Ayrılıq başıma döydü dinmədim,
Hicran qamətimi əydi dinmədim,
İlk eşqim daşlara dəydi dinmədim,
Titrək əllərimdə bir ətək qaldı.
Alqayıt, dağlara həsrət yaşadın,
Yaşatdı ar, namus, qeyrət – yaşadın.
Gözündə qəm-qüssə, heyrət yaşadın,
Səndə nə bir taqət, nə ürək qaldı.
 
22 sentyabr 1997-ci il, Bakı.

Varam

 
Dodağım piyalə, göz yaşım şərbət,
Durna qatarıyam, pozulub sıram.
Qismətim ayrılıq, məkanım qürbət,
Onunçün qəmginəm, qəribi-zaram.
 
 
Bar verən budağa qəm calamışam,
Küləkli baharam, çovğunlu qışam.
Könlümü yüz yerə parçalamışam,
Güneydə çiçəyəm, qüzeydə qaram.
 
 
A kövrək duyğular, zərif guşələr,
Əlvan biçənəklər, zərli meşələr.
Qəlbi qan lalələr, tər bənövşələr,
A süslü çiçəklər, mən sizə yaram.
 
 
Quşqonmaz qayalar, qövsü-qüzehlər,
Ruhumu oxşayan, titrədən mehlər.
A küskün jalələr, məlhəmim şehlər.
Siz harda varsınız, mən orda varam.
 
 
Küləklər, yurdumdan qovun bu çəni,
Quduzlar kəsməsin bəndi, bərəni.
Dil açın, a dağlar, dindirin məni,
Hüzünlü kamanam, köklənmiş taram.
 
 
Ağlama qərənfıl, dil demə, nərgiz,
Məzar yolu deyil hər çığır, hər iz.
Döyünmə, Kür çayı, kükrəmə, dəniz,
Sakitləş, xan Araz, ax aram-aram.
 
 
Kişnəmə, köhlən at, mələmə quzu,
İnlədə bilərsən neçə yurdsuzu.
Nə ola qəlbimin əriyə buzu,
Şuşada, Laçında bir məclis quram.
 
 
Doğma Kəlbəcərim, Göyçə mahalım,
Sizi qorxutmasın bu xəstə halım.
Vüsalım, istəyim, cahım-cəlalım,
Sizdəki bu eşqi hardan taparam?
.
Ey ulu xilqətim, yalvarram sənə,
Ürək sözlərimi yaz dönə-dönə,
Quru torpağımı versinlər mənə,
Bir daşın üstündə min ev yaparam.
 
 
Bilirəm, şanəsiz, telsiz yaşamaq,
Nəğməsiz, bəstəsiz, dilsiz yaşamaq.
Vətənsiz yaşamaq, elsiz yaşamaq,
İnsan övladına haramdır, haram!
 
 
Alqayıtam, gəmim qaldı dərində,
Xoşbəxtlik görmədim dünya zərində.
Torpağın yerində, daşın yerində,
Mən yoxam, ey Vətən, mən günahkaram!
 
27 fevral 1996-cı il, Mingəçevir

Təzə il

 
Yenə qaldı gözlədiyim, gözümdə,
Ürək yandı alovumda, közümdə.
Yenə buxov, yenə qandal dizimdə,
Tonqal çatdı, kül üfürdü gözə il,
Öyünməyə haqqımız yox, təzə il.
 
 
Ümman olub kipriyimdə nəm yükü,
Vətən dərdli, Vətən çəkib cəm yükü.
Ürəyimdə, gözlərimdə qəm yükü,
Deyəmmərəm, gəl, süfrəmi bəzə, il,
Öyünməyə haqqımız yox, təzə il.
 
 
Xəritədən qaralanmış torpağım,
Sərhəd boyu sıralanmış torpağım,
Qan gölüdür yaralanmış torpağım,
Bayrağında qılınc, qalxan, nizə, il,
Öyünməyə haqqımız yox, təzə il.
 
 
Hanı Fərhad, Bisutunu dələsi,
Şah Xətaim gələsidir, gələsi.
Bu millətin qeyrət səsi, naləsi,
Hədər getdi, iz qatmadı izə, il,
Öyünməyə haqqımız yox, təzə il.
 
 
Yurdumuzda bostan əkir erməni,
Yerimizə xiffət çəkir erməni.
Qarabağda kilsə tikir erməni,
Məscidimi endirdilər düzə, il,
Öyünməyə haqqımız yox, təzə il.
 
 
Perik düşmüş, boğmalanmış elim var,
Yüz yerindən damğalanmış elim var.
Qazan xanam, yağmalanmış elim var,
Dədəm Qorqud rəhm eyləsin bizə, il,
Öyünməyə haqqımız yox, təzə il.
 
 
Alqayıtam, heç bilmirəm sağdı, sol,
Hansı yoldur bu millətim gedən yol?
Doxsan səkkiz, pələng ili – pələng ol!
Həqiqəti söyləməsən, üzə, il,
Öyünməyə haqqımız yox, təzə il.
 
5 yanvar 1998-ci il, Bakı.

Bilmirəm

 
Yağı borcu, sələm məni gözləyir,
Qüssə, kədər, ələm məni gözləyir.
Kağız məni, qələm məni gözləyir,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Viran qalıb ata yurdu sinəmdə,
Qanlı səngər, məğlub ordu sinəmdə.
Bir vətənin milyon dərdi sinəmdə,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Çən düzlərə, dağ dumana gəlməyib,
Ürək vəcdə, qəlb gümana gəlməyib.
Belə haqsız bir zamana gəlməyib,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Köləlikmiş, əsarətmiş azadlıq,
Qulaq kəsmək, son qarətmiş azadlıq.
Evlər yıxan ticarətmiş azadlıq,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Qorxuram yuxudan oyana torpaq,
Şəhidlər qanına boyana torpaq.
Yazmaq istəyirəm, ay ana torpaq,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Ürək olub döyünmədik qanında,
Yaşamadıq şöhrətində, şanında.
Ana torpaq, xəcalətik yanında,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Ləkə yaxdıq həyasına dünyanın,
Pərdə tutduq ziyasına dünyanın.
Haram qatdıq mayasına dünyanın,
Nədən yazım, necə yazım, bilmirəm.
 
 
Alqayıtam, dərd yenilməz, qəm agah,
Dözümlüdür, bu millətdə nə günah?
Özəlləşdi qeyrətimiz, ay Allah,
Nədən yazım, necə yazım, bilmirəm.
 
3 iyul 1996-cı il, Xanlar

Gətir

Firdovsiyə


 
Ay Firdovsi, istəsən ki, sağalam,
Get ulu dağlardan dağ gətir mənə.
Bənövşə koluna əyil, səcdə qıl,
Lalədən, nərgizdən yığ gətir mənə.
 
 
Qalıb zirvələrdə odu sinəmin,
Artıb taleyimin dərdi birə min.
Məzarı qürbətdə qalan nənəmin,
Hisli çırağından yağ gətir mənə.
 
 
Ulu təbiəti sanma oyuncaq,
Süslü bənövşəni dər qucaq-qucaq.
Qarğıdan şiş düzəlt, palıddan ocaq,
Əmliyin ətini tax, gətir mənə.
 
 
İncimə gözlərin yuxu yatmasa,
Qayıtma ayağın şehə batmasa.
İşıldaquşunun ömrü çatmasa,
Xallı kəpənəyi sağ gətir mənə.
 
 
Anamın təndirə yapdığı kökə,
Qalıbsa təknədə, gətir bir tikə.
Dağ seli dərdimi azalda bəlkə,
Qarış leysanlara, yağ, gətir mənə.
 
 
Tərpətmə, dəyənək tövlədədirsə,
Ağlama, boş səhəng tövlədədirsə.
Ağ inək, mor inək tövlədədirsə,
Südündən bir qaşıq sağ, gətir mənə.
 
 
İncimə könlümün təmənnasından,
Ayrılmır xəyalım öz dünyasından.
Elə ki, qayıtdın dağ xınasından,
Titrək əllərinə yax, gətir mənə.
 
 
Sinəm parça-parça, qəlb oyum-oyum,
Bir damcı su gətir, əlimi yuyum.
Vətən torpağımın ətrini duyum,
Qara günlərimi ağ gətir mənə.
 
 
Dərd, qəmdir bu dünya bazarındakı,
Miskin Alqayıtın güzarındakı,
Müqəddəs babamın məzarındakı,
Torpaqdan bir ovuc sıx, gətir mənə.
 
23 noyabr 1996-cı il, Bakı.

İstəyir

 
Qartal qanadımı qırdı bu fələk,
Harasa qonmağı könlüm istəyir.
Qar-çovğun üfürə bir azğın külək,
Zirvədə donmağı könlüm istəyir.
 
 
Yəhərsiz, yüyənsiz minəydim ata,
Çən, çisək olaydı yolumda xata.
Çınqılın daşından əlimdə balta,
Bir çənət yonmağı könlüm istəyir.
 
 
Nə yaza bəd dedim, nə qarlı qışa,
Həyat bir səhnəymiş, ömür tamaşa.
İlk eşqin adını yazdığım daşa,
Toxunub sınmağı könlüm istəyir.
 
 
Deyin, tapdanıbmı el yolu, dağlar?
Nə leysan görürəm, nə dolu, dağlar.
Kərəm həsrətliyəm, ey ulu dağlar,
Alışıb yanmağı könlüm istəyir.
 
 
Qələm göynək atdı qürbət ünündə,
Azdım dumanında, azdım çənində.
Yox, yox, əyilmərəm möhnət önündə,
Məğrur dayanmağı könlüm istəyir.
 
 
Dağları bilmirəm, mən qəlbi qanam,
Doğma cəsədindən ayrılmış canam.
Naxır getdi deyə, səsləyə anam,
Tezdən oyanmağı könlüm istəyir.
 
 
Alqayıtam, eldir hər cəfam, cəbrim,
Ürək dözümlüdür, tükənmir səbrim.
Vətən torpağında qazıla qəbrim,
Nura boyanmağı könlüm istəyir.
 
8 noyabr 1997-ci il, Bakı.

Sazim

 
Gəl, qon sinəm üstə, ağla mənimlə,
Ay eli, obası talanan sazım.
Qaçqın bir mahalın, köçkün bir elin,
Pir deyib başına dolanan sazım.
 
 
Sevincə piyada, qəmə atlısan,
Sərkərdə görkəmli, uçqun taxtlısan.
Günəş qüdrətlisən, Məcnun baxtlısan,
Eşqinin şərbəti calanan sazım.
 
 
Möhnət ürəyindən vuruldu bəlkə,
Əsarət köhləni yoruldu bəlkə,
Axdı göz yaşı tək, duruldu bəlkə,
Könlünün çeşməsi bulanan sazım.
 
 
Pərdələr qəm gölü, mizrabın lalə,
İpək tellərində nədir bu jalə?
“Zarıncı”n fəryaddır, “Dilqəmi”n nalə,
Elin fırqətinə qalanan sazım.
 
 
Alqayıtam, gözlərimin yaşısan,
Sən Misri qılıncın qan qardaşısan.
Ulu babaların məzar daşısan,
Qorqud köklərinə calanan sazım.
 
16 noyabr 1995-ci il, Mingəçevir.

Mən

 
Elə baxdın, o baxışa dözmədim,
Əridim, kül oldum qınağında mən.
Şahım, şahənşahım, hökmü-adilim,
Qolları bağlıyam sınağında mən.
 
 
Kədərin mərhəmət, gülüşün nalə,
Söhbətin gül üstə tökülən jalə.
Şəkər dodağından axan şəlalə,
Donan göz yaşıyam yanağında mən.
 
 
İlahi görkəmdi o boy, o qamət,
Təbiətə qayğı, insana hörmət.
Miskin xəyalına qonanda zülmət,
Şam olub yanaydım otağında mən.
 
 
Şanım, şövkətimdir müqəddəs ismin,
Qəmli gözlərimə həkk olub rəsmin.
Vüsal həsrətilə yananda cismin,
Tər olub qalaydım buxağında mən.
 
 
Cəsədimi elə bükdün közünə,
Bir doyunca baxammadım üzünə?
Yuxu olub səpiləydim gözünə,
Yorğana dönəydim yatağında mən.
 
 
Kipriyin nizədir, baxışın oxdur,
Bu eşqin oduna yananın çoxdur,
Tilsimə düşmüsən, xəbərin yoxdur,
Buxovam, qandalam ayağında mən.
 
 
Rübabım, kamanım, tarım olaydın,
Dövlətim, sərvətim, varım olaydın.
Alqayıtam, bəstəkarım olaydın,
Nəğməyə dönəydim dodağında mən!
 
1975-ci il, Mingəçevir.

Əlvida!

 
Bəlkə üzünüzü bir də görmədim,
Çəmənim, çiçəyim, çölüm, əlvida!
Şıdırğı leysanım, buz bulaqlarım,
A sısqa çaylarım, gölüm, əlvida!
 
 
Yağmadı ruhuma bu leysan mənim,
Döyün qapımızı, a göy səmənim,
Süsənim, sünbülüm, tər yasəmənim,
Təşnə çiçəklərim, gülüm, əlvida!
 
 
Qəlbimdə bir ölüm-itim qalmadı,
Kövrək duyğularım yetim qalmadı.
Tökdünüz, bədəndə ətim qalmadı,
Çəkdiyim ağrılar, zülüm, əlvida!
 
 
Artıq bu işgəncə, iztirab yetər,
Qəza çiçək olsa, yolumda bitər.
Yandım xan Əslidən, Kərəmdən betər,
Alovum, atəşim, külüm, əlvida!
 
 
Alqayıtam, Vətən ağlatdı məni,
Qüssələr qoynunda çağlatdı məni.
Elin məhəbbəti sağaltdı məni,
Ayrılıq, intizar, ölüm, əlvida!
 
6 iyul 1996-cı il, Bakı.

Külək

 
Elə əsdin, qana döndü ürəyim,
Bu əsimdən yaralandım of, külək.
Dağlar məni ağuşuna səslədi,
Əs, dumanı o dərədən qov, külək.
 
 
Niyə gəldi taleyimiz qaralı?
Ana torpaq yaralıdır, yaralı.
Ellər düşdü bir-birindən aralı.
Harda qalıb itkin nəsil, soy, külək?
 
 
Bir əsimin şanə çəkdi telimə,
Bir əsimin qıfıl vurdu dilimə.
Qaytar məni ulusuma, elimə,
Bu bəlanı yurdumuzdan sov, külək.
 
 
Bir qılıncam, qanadına tax məni,
Ad yazdığım qayalara çax məni.
Atəşimsən, yandır məni, yax məni,
Yandırmazmı çınqı, külək, qov, külək?
 
 
Alqayıtam, yoxdur gəlib gedənim,
Bu həsrətdən buza dönüb bədənim.
Şəfqətinə göz istəsə Vətənim,
Əsirgəmə, gözlərimi ov, külək.
 
27 fevral 1996-cı il

Qocaldim

 
Qocalmazdım, dərdin, qəmin əlindən,
Göz yaşımı silə-silə qocaldım.
Zalım fələk elə qatdı başımı,
Damla-damla, gilə-gilə qocaldım.
 
 
Tarixlərə yazılmayan bir adıq,
Deyəmmərəm, ya qəmliyik, ya şadıq.
Köləlikdə, əsarətdə yaşadıq,
Bu dövrana gülə-gülə qocaldım.
 
 
Nənələrin nəhrəsində vəfa yox,
Babaların dəhrəsində vəfa yox.
Doğma gəzdim, yad qapını döymədim,
Yaltaqlığın libasını geymədim.
Ana yurdun sevincinə dəymədim,
Kədərini bölə-bölə qocaldım.
 
 
Alqayıtam, tor ələndi gözümə,
Düyün yağdı, qırış endi üzümə.
Bax, beləcə divan tutdum özümə,
Qana-qana, bilə-bilə qocaldım.
 
6 noyabr, 1996-cı il, Bakı.

Saxlar

 
Maral buynuzunda, quş qanadında,
Ahu gözəlliyi gözündə saxlar.
Pələng dişlərində, şir biləyində,
Kərgədan gücünü dizində saxlar.
 
 
Hanı cəh-cəh vuran bülbül səsində?
Oxuya, can verə gül həvəsində.
Təbiət qartalı dağ zirvəsində,
Gözəllər həyanı üzündə saxlar.
Ömür qatarını kimsə əyləməz,
Cavanmı, qocamı hörmət eyləməz.
Vurdum, yıxdım, asdım, kəsdim – söyləməz,
İgid dəyanəti sözündə saxlar.
 
 
Koramal sürünər, zirvəyə qonmaz,
Höyüş tüstülənər, od alıb yanmaz.
Günəşdən pay ummaz, Aydan pay ummaz,
Ocaq hərarəti közündə saxlar.
 
 
Elə vurulubdur torpağa, daşa,
Nə yaza həsrətdir, nə qarlı qışa.
Sevinci bəxş eylər dosta-tanışa,
Alqayıt kədəri özündə saxlar.
 
24 avqust, 1995-ci il, Xanlar.

Çəkir

 
O hikmətli barmaqlarda,
Gör, ay aşıq, sim nə çəkir.
Kərəmlərin firqətinə
Zil ağlayır, bəm nə çəkir?
 
 
Məhbus güllər, çiçəklər də,
Kəpənəklər, böcəklər də,
Yaxşı bilir ürəklərdə,
Sevinc yoxsa, qəm nə çəkir.
 
 
Ömür qayıq, can bir ada,
Sirr söyləmə dosta, yada.
Ay Alqayıt, bu dünyada
Kim nə bilir, kim nə çəkir?
 
1985-ci il, Xanlar.

Saxla

 
Qızlara küdurət, qeybət yaraşmır,
Dilbər həyasını üzündə saxla.
Dondum nəfəsində buz baxışların,
Məni atəşində, közündə saxla.
 
 
Kədərlisən, yenə qəlbin ündədir,
Eşq allahdır, zülüm çəkən bəndədir.
Ürək adlı əmanətim səndədir,
Vermə yad əllərə, özündə saxla.
 
 
Zülmət günlərinə yaz günəşimi,
Hüzünlü, qayğılı nəvazişimi.
Qəlbinə həkk eylə qəlb atəşimi,
Gözümün nurunu gözündə saxla.
 
 
A xallı kəpənək, a xallı böcək,
Telinə qurbandı min zərif çiçək.
Acı inadından bəs eylər, əl çək,
Ayaq izlərimi izində saxla.
 
 
Alqayıtam, sənsiz qəm qucmalıyam.
Qaranlıq qəlblərə nur saçmalıyam.
Açsam, o düyünü, mən açmalıyam,
Qorxma, qandalları dizində saxla.
 
9 iyul 1994-cü il, Yevlax

Verdim

 
Vuruldum baharın təravətinə,
Könlümü hər yaşıl budağa verdim.
Can dedim qartalın əzəmətinə,
Fikrimi o dağa, bu dağa verdim.
 
 
Həsəd aparmışam qıy vuran selə,
Durna qatarını demirəm hələ.
Toxunmadım bir çiçəyə, bir gülə,
Nə yaxşı nəfsimə qadağa verdim.
 
 
Alqayıtam, çiçək solğun, gül həşəm,
Bir baharda neçə xəzan görmüşəm.
Eldən yazmaq oldu sənətim, peşəm,
Canımı ellərə sadağa verdim…
 
27 fevral 1996-cı il.

Min şükür

 
Sevgim, səadətim, anamsan, Vətən,
Səni tanıdığım günə min şükür!
Məlhəmim də sənsən, şəfam da sənsən,
Salsan da qəlbimi ünə, min şükür!
 
 
Güllü baharımdı sərt gələn qışın,
Sən elə dağsan ki, əyilməz başın.
Gövhər yatağıdır torpağın, daşın,
Hər yaşıl sünbülə, dənə min şükür!
 
 
Zirvəndə doğulur, zirvəndə ölən,
Qarğadır, quzğundur qartala gülən.
Torpağı yanğından qoruya bilən
Köksündə dumana, çənə min şükür!
 
 
Zərli saçağından ayrı düşsəm də,
Doğma ocağından ayrı düşsəm də,
İsti qucağından ayrı düşsəm də,
Yenə mənimləsən, yenə min şükür!
 
 
Nankorlar qədrini bilməz, ey Vətən,
Nadanlar hayına gəlməz, ey Vətən,
Sənsiz Alqayıtın gülməz, ey Vətən,
O sənə bağlıdır, sənə min şükür!
 
27 fevral 1996-cı il, Bakı.

Mənim

 
Ayrılıq həsrəti, qürbət zənciri,
Qırdı qollarımı dalbadal mənim.
Bilmədi dərdimi, çarəsiz qaldı,
Nə təbib, nə loğman, nə abdal mənim.
 
 
Zülmətə qovuşur hər gələn sabah,
Payımız təsəlli, qismətimiz ah.
Ağlamaq bilməzdim, işə bax, Allah,
Döndü göz yaşıma el-mahal mənim.
 
 
Qan olub ruhuma çilənən körpə,
Qüssə bələyinə bələnən körpə.
Ana qucağında dilənən körpə,
Saldı ürəyimə qara xal mənim.
 
 
Dövranı tənəzzül, taleyi çaşqın,
Çayları köpüklü, selləri daşqın.
Gör neçə didərgin, gör neçə qaçqın,
Dayanıb önümdə xəstəhal mənim.
 
 
Taledən sələmə götürdüm ömrü,
Dosta pay-püş etdim, itirdim ömrü.
Qəm, kədər içində bitirdim ömrü,
Döymədi qapımı, istiqbal mənim.
 
 
Ögeylik görəndə ürpəşir ətim,
Olmuşuq atalı, analı yetim.
Vətən birliyidir eşqim-niyyətim,
Sarsıdır ruhumu bu vüsal mənim.
 
 
Alqayıtam, Vətən deyil oyuncaq,
O ruhda, nəfəsdə yaşayır ancaq,
Bilirsən, sözlərim kimədir, alçaq,
Dayanma önümdə, durma lal, mənim.
 
3 iyul 1996-cı il, Bakı.

Mən

Amerika-İraq miiharibəsinə


 
Qamçını əlində sıxardı babam,
Kələni yumruqla yıxardı babam.
Təkbətək döyüşə çıxardı babam,
İgidlər görmüşəm köhlən atla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
 
Alovdur yorğanım, oddur balıncım.
Sırsıra bağlayıb isti yapıncım.
Hanı qoç Koroğlum, Misri qılıncım?
Sorğuya girmişəm kainatla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
 
Yazda çiçəklərin nəfəsiyəm mən,
Oxuyan bülbülün həvəsiyəm mən.
Nigarın, Həcərin nəvəsiyəm mən.
Üzbəüz durmuşam hər inadla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
 
Çoxlarını islam adı yandırdı,
Getdi ağzımızın dadı, yandırdı.
Otuz ölkə bir Bağdadı yandırdı,
Doğmayam, əkizəm, o Bağdadla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
 
Od aldı, alışdı, söndü Qarabağ,
Nalədi, fəryaddı, ündü Qarabağ,
Fitnə yuvasına döndü Qarabağ,
Nəğmələr qoşmuşam yüz fəryadla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
 
Baş keçidə ilmə düşdü, söküldü,
Borçalıdan el görüşə töküldü.
Dərd əlindən Göyçə qəddim büküldü,
Vidalaşdım doğmalarla, yadla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
 
Dodağımda, dilimdəsən – hey, Vətən,
Bəsdir matəm, toy libasın gey, Vətən!
Alqayıtam, dinlə məni, ey Vətən!
Odlanmışam köksündəki odla mən,
Barışa bilmirəm bu həyatla mən.
 
Mart 1991-ci il, Gəncə.

Niyə gəlmədi

 
Yenə güllə səsi, yenə göz yaşı,
Bu yurda baharım niyə gəlmədi?
Qələbə köhlənim, ümid yelkənim,
Axarım, baxarım niyə gəlmədi?
 
 
Matəm içindədir ayım, illərim,
Süslü çiçəklərim, təşnə güllərim.
Ürkək sığırçınım, anadillərim,
O durna qatarım niyə gəlmədi?
 
 
Bilirəm yaslıdır, incikdi bahar,
Qanlı döyüşlərdən nə çəkdi bahar?
Hardasa ləngidi, gecikdi bahar,
Xəzinəm, yatarım niyə gəlmədi.
 
 
Öz qəlbimə sancılıb öz neştərim,
Əzəl gündən taraz deyil işlərim.
Susdu “Çahargah”ım, “Rast”ım, “Şüştər”im,
“Şahnaz”ım, “Qatar”ım niyə gəlmədi?
 
 
Alqayıtam, güllə dəydi qartala,
Od ələndi neçə elə, mahala.
Torpaq həsrətliyəm, ay Allah-tala,
Xəstəyəm, nübarım niyə gəlmədi?
 
27 noyabar 1996-cı il, Bakı.

Anamin

 
Vətən istəyini yetir, ay Allah,
Qüssələr ömrünü yeyən anamın.
Göy atın belində qalxsın yaylağa,
Çıxmasın əlindən yüyən, anamın.
 
 
Ona qəm payıdır bu torpaq, bu daş,
Gözündə qığılcım, qəlbində təlaş.
Amandır, köksünə ələnməsin yaş,
Vətən anamızdır – deyən anamın.
 
 
Nankorluq, nadanlıq silinməz ləkə,
Soldu yanaqları qəm çəkə-çəkə.
Həsrət yaraları sağaldı bəlkə,
Ögeylik qəlbinə dəyən anamın.
 
 
Cəddi, möcüzəsi saya gəlməzdi,
Ayağı şəfalı, nəfsi ölməzdi.
Yoxsulluq, işgəncə əyə bilməzdi,
Vətəndir qəddini əyən anamın.
 
 
Göy günbəz üstündə qurbanları kəs,
Babam Seyid Bayram, adı müqəddəs.
Amandır, xətrinə dəyməsin heç kəs,
Qürbət libasını geyən anamın.
 
 
Ağlamaq, sızlamaq, həzin bayatı,
Dəyişə bilərmi miskin həyatı?
Alqayıt, silah tut, yəhərlə atı,
Azadlıq fikrini bəyən anamın!
 
4 iyul 1996-cı il, Bakı.

Məzar daşlari

 
Sizi qərib gördüm, qüssəli gördüm,
Sinəmi oxlayın, məzar daşları.
İnsanam deyənin son payısınız,
Əbədi çağlayın, məzar daşları.
 
 
Ömrün son ünvanı bağlıdı sizə,
Saxlayın bu adı köhnə ya təzə.
Nənə itirmişik, qoşulun bizə,
Dil deyin, ağlayın, məzar daşları.
 
 
Qəlbi yüz yerindən oyub gəlmişəm,
Həyatı dərindən duyub gəlmişəm.
Babamı qürbətdə qoyub gəlmişəm,
Yaramı bağlayın, məzar daşları.
 
 
Ayrılıq yandırdı, yaxdı sinəmi,
Bir əcəl küləyi əsdi yenəmi?
Tək-tənha qoymayın yazıq nənəmi,
Qəribdir, yoxlayın, məzar daşları.
 
 
Yüz il yaşasan da, duy həqiqəti,
Ömür müvəqqəti, gün müvəqqəti.
Alqayıt yazdığı şeri, sənəti,
Yadigar saxlayın, məzar daşları.
 
16 iyun 1996-cı il, Bakı.

Yaşid

 
Ziyarətim, səcdəgahım əzəldən,
Ana yurdun torpağıdı, daşıdı.
Özgə diyarına üz tutanlarım,
Bu sevgiyə nabələddi, naşıdı.
 
 
Allahı sevməkdə yalqızam, təkəm,
Dinsizə qarşıdı hiddətim, hikkəm.
Göyçə Mədinəmdir, Kəlbəcər Məkkəm,
Şuşa mənim gözlərimin yaşıdı.
 
 
Məhv oldu gör neçə Koroğlum, Nəbim,
Qarabağ deyilmi, ruhum, mənsəbim?
Titrəyən bədənim, göynəyən qəlbim,
Qaysaq atan ürəyimin başıdı.
 
 
Alqayıtam, qəm sazını çalma sən,
Yol uzaqdır, haray-həşir salma sən.
Zəvvar qardaş, get, səfərdən qalma sən,
Hələ mənim taleyimin qışıdır.
 
25 sentyabr 1996-cı il, Bakı

Qoyma

Dostum Əli Həsənova


 
Yaman gileyliyəm, dostdan, ay Əli,
Bu sirri dünyalar bilməyə qoyma.
Şübhələr atını, qəm karvanını,
Yeriyib üstümə gəlməyə qoyma.
 
 
Atdılar qürbətə yurddaşlarımı,
İtirdim dostumu, sirdaşlarımı.
Silə bilməsən də göz yaşlarımı,
Barı qeyriləri silməyə qoyma.
 
 
Alqayıtam, düşdüm nə müşkül hala,
Kiminsə önündə çevrildim qula.
Mənim ölümümü istə, arzula,
Təkcə ümidimi ölməyə qoyma!
 
15 aprel 1983-cü il. Bərdə. Yeni həyat.

Ay ellər

 
Şeir itirmişəm tək bircə varaq,
Ömrümün varağı itib, ay ellər.
Gəncliyimin beşik dolu laylası,
Telimin darağı itib, ay ellər.
 
 
Mən onu yazmışdım həyəcanımla,
Təmiz duyğularla, pak vicdanımla.
Od-ocaq çatdığım ürək qanımla,
Evimin çırağı itib, ay ellər.
 
 
Alqayıtam, onu hey əzizlədim,
Şaxtadan, borandan, qardan gözlədim.
Bəlkə də tapdınız, niyə gizlədim,
İlk eşqin sorağı itib, ay ellər.
 
1975-ci il, Bakı

Qonaqdi sizə

 
Ötəri olsa da, həkim dostlarım,
Dağların vüqarı qonaqdı sizə.
İtkin bir diyarın, köçkün bir elin,
Vəfası, ilqarı qonaqdı sizə.
 
 
Bir qartal baxışlı, bir şahin səsli,
Elə məlum olan soy-kökü, nəsli,
Vücudu qayğılı, ocaq nəfəsli,
Yurdumun baharı qonaqdı sizə.
 
 
Qızılgül dibçəyi, bənövşə ətri,
Nərgizlər misrası, lalələr sətri.
Yasəmən qoxusu, nülufər çətri,
Suların axarı qonaqdı sizə.
 
 
Mən xilqət saymışam ulu dərgahı,
Seçməz qara torpaq gədanı, şahı.
Nəsimi fəryadı, Füzuli ahı,
Vurğun yadigarı qonaqdı sizə.
 
 
Alqayıt qurbandı hər ülvi ada,
Yaşadım, ömr etdim bu təmənnada.
Şerdən bağ saldım xəstəxanada,
Onun ilk nübarı qonaqdı sizə.
 
4 aprel 1995-ci il, Mingəçevir xəstəxanası.

Getdi

 
A dostlar, möhnətin, qəmin əlindən,
Heyif qamətimə, büküldü getdi.
Yalançı vədlərin qəm laylasında,
Ömür pillə-pillə söküldü getdi.
 
 
Vəzifə dediyin ağır bir şələ,
Həyatı düşünmək dəhşətdir, lələ.
Zaman darağını çəkdikcə telə,
Döndü göz yaşıma, töküldü getdi.
 
 
Bir köç görünəydi Xudafərindən,
O həsrət yaralar bitəydi birdən.
Gözümün qarası, bilmirəm nədən,
Məchul bir nöqtəyə tikildi getdi.
 
 
Alqayıtam, gəşt eylədim aran-dağ,
Görmədim başadək yanan bir çıraq.
Cibdən pul qurtardı, süfrədən araq,
Dostlar da başımdan əkildi getdi.
 
May 1982-ci il, Şəki.

Yaziğam

 
Dayan, bülbül, bu pərişan könlümü,
Göz yaşınla viran etmə, yazığam.
Dözmək olmur iniltinə, ahına,
Qəmgin ötmə, həzin ötmə, yazığam.
 
 
Budaqlarda qərar tutdu köşkümüz,
Bünövrədən nəhs atıldı püşkümüz.
Bir qəfəsdə yuva salıb eşqimiz,
Xəyalımdan uzaq getmə, yazığam.
 
 
Alqayıtam, məkansızam, adsızam,
Odum sönüb, alovsuzam, odsuzam.
Sənin qanadın var, mən qanadsızam,
Başım üstdən belə ötmə, yazığam.
 
Mart 1991-ci il, Qazax.

Dağlari

 
Üstündən el köçüb, oba atlanıb,
Fikirli görürəm yenə dağları.
Bəlkə ona görə ana təbiət
Bürüyüb dumana, çənə dağları.
 
 
Arana üz tutdu ellər, obalar,
Söndü ocaq yeri, söndü sobalar.
Dağın dağ dərdi var, deyib babalar,
Bu hikmət sevdırib mənə dağları.
 
 
Üfüqə boylanmır zirvələr qəti,
Elə bil qartalın yoxdur taqəti.
Bir el ayrılığı, bir el möhnəti,
Nə yaman salıbdır ünə dağları?
 
 
İstədim yuxudan oyana qartal,
Günəşin nuruna boyana qartal.
Bəxtəvər başına, ay ana qartal,
Əbədi vermişik sənə dağları.
 
 
Alqayıtam, ötdü dumanım, çənim,
Bir payız mehindən əsdi bədənim.
O qartal vəfası, bu da ki, mənim,
Tək qoyub gedirəm yenə dağları.
 
1980-ci il Göyçə, Daşkənd.

Mənimkidir

 
Oxşadın ruhumu, çal, aşıq qardaş,
Taleyi, rüzgarı sərt mənimkidir.
Hər bağlanan qapı, hər sönən ocaq.
Dağılan o mahal, yurd mənimkidir.
 
 
Açılmır ellərin tutqun sabahı,
Səslə o tellərdə ulu dərgahı.
Kərəmin göz yaşı, Əslinin ahı,
Lələnin çəkdiyi dərd mənimkidir.
 
 
Kərgədana yükləsələr bu dərdi,
Alqayıtam, çəkə bilməz, hədərdi!
Bəxtim oyun daşı, taleyim zərdi,
Fələk oynadığı nərd mənimkidir.
 
1992-ci il, Mingəçevir.

Könlümün

 
Baharı bəd gəlib, ellər, ay ellər,
Müddətdir ərimir qarı könlümün.
Hər süslü çiçəkdə şeyda qəmi var,
Tökülüb bağçası, barı könlümün.
 
 
Məlhəmi, şəfqəti, səmimiyyəti,
Amalı, idrakı, eşqi, niyyəti,
Bu günü, sabahı, əbədiyyəti,
Torpaqdır qeyrəti, arı könlümün.
 
 
Dərdini, qəmini yarı bölərəm,
Yaşasa, yaşaram, ölsə, ölərəm.
Ağlasa, ağlaram, gülsə, gülərəm,
Vətəndir sevgisi, yarı könlümün.
 
 
Bulaqların zümzüməsi kəsilib,
Ər savaşı, igid bəhsi kəsilib,
Yaylaqların şənlik səsi kəsilib,
Dil açmır kamanı, tarı könlümün.
 
 
Alqayıtam, elim vardı nəşəli,
Pərvanə bulaqlı, yaşıl meşəli.
Ey Vətən, mən səndən ayrı düşəli,
Talandı dövləti, varı könlümün.
 
Fevral 1996-cı il, Bakı.

Göyçəm

 
Sənsiz məhbəsdəyəm, günəşim tutqun,
Qız, gəlin ismətli, həyalı Göyçəm.
Xəyalım didərgin, qəlb evim uçqun,
Qədəmi şəfqətli, sayalı, Göyçəm.
 
 
Əritdi cismimi qəmin, kədərin,
İçirsən doymaram, baldır zəhərin.
Nə dastan gecən var, nə al səhərin,
Pas tutmuş könlümün royalı, Göyçəm.
 
 
Torpağa bağlılıq, qonağa hörmət,
Taledən bəxtinə yazılan qismət.
Adi çobanında bir dünya hikmət,
Bəstəkar qüdrətli, ziyalı, Göyçəm.
 
 
Sən mənə Vətənsən, yaşasam yüz də,
Möhnətin ürəkdə, kədərin üzdə.
Yoxdur bərabərin kürreyi-ərzdə,
Zirvəsi qartallı, qayalı, Göyçəm.
 
 
Mənə ilham payı, sənət də sənsən,
Xilqətə yalvarış, minnət də sənsən.
Sevgi də, vüsal da, cənnət də sənsən,
Sənsən Alqayıtın xəyalı, Göyçəm.
 
1993-cü il, Gəncə

Düz gəlmir

 
Arana buz yağır, yaylağa yağış,
Dağların zirvəsi qara düz gəlmir.
Yazda dəyən meyvə payız yetişir,
Bağbanın fikiri bara düz gəlmir.
 
 
Bu yurda qismətdir taleyi kəmlik,
Ağrısı, acısı, kədəri cəmlik.
Bəmində zillik var, zilində bəmlik,
Zamanın mizrabı tara düz gəlmir.
 
 
Bir vaxt sevinərdik, quldar yox, qul yox,
Hambal yox, nökər yox, palan yox, çul yox.
İndi həkimlərə verməyə pul yox,
Cərrah bıçağına yara düz gəlmir.
 
 
Hər kimin ki, qəm dolanıb boynuna,
Buza dönər, Günəş girsə qoynuna.
Əzəl gündən bu fələyin oynuna,
Məni kimi bəxti qara düz gəlmir.
 
 
Keçdi yad əllərə, keçdi vətənim,
Əsir düşənlərim, girov gedənim.
Yaralı torpağa dönüb bədənim,
Tapılmır dərdinə çarə düz gəlmir.
 
 
Alqayıt əyilməz vüqarlı dağsa,
Yerləri, göyləri yaradan haqsa.
Dünyanın axırı beş arşın ağsa,
Küsənmək dövlətə, vara düz gəlmir.
 
Fevral 1995-ci il, Gəncə

Qan ağla!

 
İstisu, Dəlidağ matəm içində,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
Boğuldu ellərin bu qəm içində,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
 
Ana yurdumuzun ürəyi şan-şan,
Kimdir ağı deyən, kimdir ağlaşan?
Mehdinin, Keytinin halı pərişan,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
 
Aşıq Ələsgərin dodağı bəstə,
Hicran bölük-bölük, qəm dəstə-dəstə,
Şəmşirin, Qurbanın məzarı üstə,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
 
Ayağı qandallı, qolu bağlısan,
Ürəyi nisgilli, sinə dağlısan,
Bir ananın iki köçkün oğlusan,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
 
Uddu İsimxanı, gərdişi zaman,
Ruhu çən-çisəkli, məzarı duman.
Sizə həsrət qalıb Sücayət, Bəhman.
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
 
Ticarət püşkünə qatdılar sizi,
Sönməz ocaqlara çatdılar sizi,
Bölüb qarış-qarış satdılar sizi,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
 
Alqayıt neyləsin ruhsuz bədənə,
Məlul-müşkül, qərib-qəmgin ötənə?
Bəlkə öldüm, qovuşmadım Vətənə,
Ağla, Kəlbəcərim, Göyçəm, qan ağla.
 
16 noyabr 1995-ci il, Bakı

Dədə şəmşir

Ermənilər Kəlbəcərdə

Aşıq Şəmşirin məzarını dağıtdılar


 
Müqəddəs qəbrindən bir nalə qopdu,
De, nəydi azarın, ay Dədə Şəmşir?
Ələsgər qəminə qovuşmaq üçün,
Dağıldı məzarın, ay Dədə Şəmşir?
 
 
Sinələr dağlandı, qollar çatıldı,
Halal zəhmətinə haram qatıldı.
Şeir xəzinənə bir daş atıldı,
Bağlandı bazarın, ay Dədə Şəmşir.
 
 
Tarixə taleyi qaralı düşdün,
Dillərə ürəyi yaralı düşdün.
Sevinc dünyasından aralı düşdün,
Qəm oldu güzarın, ay Dədə Şəmşir.
 
 
Alqayıtam, bu qəm yatdı sinəmə,
Zaman neştərini atdı sinəmə.
Döndü yay oxuna, batdı sinəmə,
O gülün, gülzarın, ay Dədə Şəmşir.
 
10 iyun 1992-ci il, Mingəçevir

Çaldiğin

 
Dağlar, sənin dağ qəzəbin hardadır,
Bəs deyilmi, qolu bağlı qaldığın?
Nə müddətdir ürəyimiz dardadır,
Ağır dərddir xəyallara daldığın.
 
 
Fürsət vermə, dələduza, satqına,
Torpağını boyadılar al qana.
Günahkarı özün yetir haqqına,
Bəs deyilmi, eldən qisas aldığın?
 
 
Salam, Buzlu bulaq, salam Göy dərə,
Ətəyindən gül dərmişəm min kərə.
Ovçu, mənim bərəm olub bu bərə,
Çoban, mənim tütəyimdir çaldığın.
 
 
Neçə ildir barsız qalıb çiyələk,
Bu çəmənə toplaşardı min mələk.
Əsmə, dəli xəzri, əsmə, ey külək,
Anaların hörüyüdü yolduğun.
 
 
Ay Alqayıt, yenə odun sönmədi,
Uçdu qartal, yuvasına dönmədi.
Ha dindirdim Leyli dağlar dinmədi,
Bəs deyilmi, belə Məcnun olduğun?
 
27 oktyabr 1996-cı il, Bakı

Hardadir

 
Görünmür gözümə, Allah, amandır,
Şəfqətim, məlhəmim, nurum hardadır?
“Dilqəm”im, “Kərəmi”m, “Baş sarı tel”im,
“Şahnaz”ım, “Qatar”ım, “Şur”um hardadır?
 
 
Dilimdə bir saxta bəyanat olmaz,
Sevən aşiqlərdə xəyanət olmaz.
Bu qədər haqsızlıq, cinayət olmaz,
Gəlsin, pişvazına durum, hardadır?
 
 
İlahi baxışlar yetsin dadıma,
Su çiləsin alovuma, oduma.
Bir ana laylası düşüb yadıma,
Ağlayım, boynumu burum, hardadır?
 
 
Ovçular vurmadı, o vurdu məni,
Hicran atəşinə qovurdu məni.
Kül edib göylərə sovurdu məni,
Könlümdə vay-şüvən qurum, hardadır?
 
 
Alqayıtam, ömrü vermişəm bada,
Yelkənsiz qalıbdı gəmim dəryada.
Bir az da geciksə, yoxam dünyada,
Məndə o dəyanət, durum, hardadır?
 
21 oktyabr 1996-cı il, Bakı

Gətirmişəm

Aşıq Siraca!


 
Aşıq Sirac, bəzədiyin bu saza,
Qorqud kəlamından pay gətirmişəm.
Bir deyil, beş deyil alqış, təşəkkür,
Qatla barmağını say, gətirmişəm.
 
 
Hər bəzəyin bir naxışdı, ilmədi,
Hər sədəfin deyilməmiş kəlmədi.
Ulduzları dəvət etdim, gəlmədi,
Günəşi mən ona tay gətirmişəm.
 
 
Layiq olub neçə məclis qurmağa,
Qoç Koroğlu sinəsində durmağa.
Bədnəzərin ürəyindən vurmağa,
Kaman gətirmişəm, yay gətirmişəm.
 
 
Çəkdin muzeylərə Dədə Qorqudu,
Səlcuq, Burla xatun – gül dərir, odu!
Yoxdur sevincimin həddi-hüdudu,
Köksümdə min dəniz, çay gətirmişəm.
 
 
Alqayıtam, çiçək, gül nəfəsindən,
Mahal qeyrətindən, el həvəsindən.
Ulu ozanların alqış səsindən,
Haray gətirmişəm, hay gətirmişəm.
 
9 avqust 1991-ci il, Gəncə

Bilirəm

 
Haqqa yön çevirib haqq tələb etmək,
Kişilikdir, cəsarətdir, bilirəm.
Bir tikə çörəyim var deyib susmaq,
Köləlikdir, əsarətdir bilirəm.
 
 
De, azmı görmüşük illərdən bəri,
Dəllal bazarında hökm edən zəri?
Ovcumun qabarı, alnımın təri,
Təmizlikdir, bəkarətdir, bilirəm.
 
 
Elimə, obama, yurduma yağı,
Çəkdi sinəmizə dağ üstdən dağı.
Torpaqlar içində Vətən torpağı,
Ən müqəddəs ziyarətdir bilirəm.
 
 
Aşkarlıq deyilən bu qulaqburma.
Qanun bıçağını kökündən vurma.
Yenidənuçurma, yenidənqurma,
Oxunmamış nəqarətdir, bilirəm.
 
 
Gömüldü torpağa gör neçə fəryad,
Duyğular müştərək, fikirlər azad.
Dünya bazarında səslənən bu ad,
Haqq geyimli ticarətdi bilirəm.
 
 
Zaman şəfa verdi qəlbi qanlara,
Qüssə çilik-çilik, qəm parça-para.
Alqayıt, hər sözün söz qananlara,
Təsəllidir, hərarətdir bilirəm.
 
1989-cu il, Gəncə

Nə var ki?

 
Müdir lələ, el içində gəz, dolan,
Kabinetdə görüşməyə nə var ki?
Qızıl Kəbən, dollar sənin allahın,
Alışmağa-verişməyə nə var ki?
 
 
Qanad salar quş çətinə düşəndə,
Tab gətirməz diş çətinə düşəndə.
Bəxt əyilib iş çətinə düşəndə,
Arsız-arsız irişməyə nə var ki?
 
 
Haram tükü yolduralar yolasan,
Kamer kimi boşalasan, dolasan.
Özün boyda bir nanəcib olasan,
Hər yetənə ərişməyə nə var ki?
 
 
Bir əmrlə neçə kağız qolladın.
Mənimkini o dünyaya yolladın.
Qabağında diz çökməyə cəlladın,
Arxasından girişməyə nə var ki?
 
 
Ay Alqayıt, ürəyinə yatan yox,
Haqq səsinə, harayına çatan yox.
Günahkarı tutduran yox, tutan yox,
Dar ayaqda sürüşməyə nə var ki?
 
17 iyul 1996-cı il, Mingəçevir

Çalma

 
Qəm içində bu çəkdiyim intizar,
Dindirsən dil açar, min dastan yazar.
Hər yanım başdaşı, hər yanım məzar,
Şəhid anaların saçını yolma,
Dayan, aşıq qardaş, “Kərəmi” çalma.
 
 
Adi bir mizrabda gör neçə qəlpə,
Şimşəyə misaldı, od saçar qəlbə,
O ana bətnində dilənən körpə,
Sənindir, mənimdir, biganə qalma,
Dayan, aşıq qardaş, “Kərəmi” çalma.
 
 
İndi quduzların payı çoxalıb,
Tülkü saya gəlməz, ayı çoxalıb.
Qara Məliklərin sayı çoxalıb.
Amandı, Lələni yadıma salma,
Dayan, aşıq qardaş, “Kərəmi” çalma.
 
 
Yetimlər, yesirlər eşidib ağlar,
Bu kəmlər, kəsirlər eşidib ağlar.
Girovlar, əsirlər eşidib ağlar.
Hissimi, duyğumu əlimdən alma,
Dayan, aşıq qardaş, “Kərəmi” çalma.
 
 
Alqayıt boğulur bu qəm içində,
İstisu, Dəlidağ sitəm içində,
Qarabağ inləyir matəm içində,
Şuşa qalasının seyrinə dalma,
Dayan, aşıq qardaş, “Kərəmi” çalma.
 
6 noyabr 1996-cı il, Bakı

Atadir

 
Tapın, sevincimi gətirin mənə,
Çünki ən müqəddəs anım, atadır.
Təhsilim, savadım, evim, eşiyim,
Şöhrətim atadır, şanım atadır.
 
 
Zərdən imarətim, qızıldan tacım,
Aydan iltimasım, Günəşdən bacım,
Basılmaz torpağım, Misri qılıncım,
Qüvvətim, qüdrətim, qanım atadır.
 
 
Ata əcdadımın köpüklü çayı,
Ata ürəyimin haqqı-harayı.
Ata qeyrət payı, ata nur payı,
Cəsədim atadır, canım atadır.
 
 
Qüssəli kamanım, həzin rübabım,
Canda hərarətim, ürəkdə tabım.
Amalım, əqidəm, qanun kitabım,
Hökm edən sultanım, xanım atadır.
 
 
Atadır şikəstəm, susmayan tarım,
Atadır qeyrətim, namusum, arım.
Tükənməz xəzinəm, dövlətim, varım.
Sərvətim, gövhərim, şanım atadır.
 
 
Yaxşıya təsəllim, pisə nifrətim,
Təşvişim, düşüncəm, qorxum, heyrətim.
Dünyaya baxışım, elə hormətim,
Yerim, göyüm, asimanım atadır.
 
 
Ata müqəddəsdir duzdan, çörəkdən,
Ata müqəddəsdir arzu, diləkdən.
Alqayıtam, söz açmışam ürəkdən,
Müxtəsəri, din-imanım atadır.
 
May 1982-ci il, Şəki.

Haqqim yox

 
Dinməliyəm, dərd belimi əyirsə,
Ölməliyəm, yad başıma döyürsə.
Ana Vətən, torpaq qara geyirsə,
Mənim əlvan geyinməyə haqqım yox.
 
 
Elin bəxti tilisimə ilişib,
Naşı barmaq sarı simə ilişib.
Öz xəncərim öz köksümə ilişib,
Zəmanədən deyinməyə haqqım yox.
 
 
Aşna olduq müxənnətlə, zalımla,
Ögeyləşdik soy kökümlə, ulumla.
Sarayımla, dövlətimlə, pulumla,
Fəxr etməyə, öyünməyə haqqım yox.
 
 
Səsim yoxsa, məzlumların səsində,
Yerim yoxsa, igidlərin bəhsində.
Bu torpağın, bu millətin köksündə,
Ürək olub döyünməyə haqqım yox.
 
 
Alqayıtdan bəxt üzünü döndərir,
Bağban yurdum qan əkməyib, qan dərir.
Yadlar bizə dilən payı göndərir,
Bu yardıma sevinməyə haqqım yox.
 
11 iyun 1995-ci il, Xanlar

Dəyməyin

Cənub həsrəti


 
Ağladı sərhəddə qan qardaşlarım,
Gözümdə şimşəklər çaxdı, dəyməyin.
Zaman ayrısıyıq, il ayrısıyıq,
Qəm məni yandırdı, yaxdı, dəyməyin.
 
 
Ana yurdum viranədir, talandır,
Yer üzündə haqq, ədalət yalandır.
Hiddətindən Kür boynuma dolandı,
Araz sinəm üstdən axdı, dəyməyin.
 
 
Qovruldum ellərin həsrət köçündə,
Üzbəüz doğrandım qəm ülgücündə.
Fikrimin köhləni qan-tər içində,
Mənzil uzaq, yol uzaqdı, dəyməyin.
 
 
Torpaq təlatümdə, el üsyandadır,
Ölüm gah bu yanda, gah o yandadır.
Od alıb dünyamız yanhayandadır,
Qurulubdu zülmün taxtı, dəyməyin.
 
 
Bir can istədilər, min canım getdi,
Zərli qədəhlərim, fincanım getdi.
Xoyum, Ərdəbilim, Zəncanım getdi,
Qəmlər ürəyimi sıxdı – dəyməyin.
 
 
Dövrə, zəmanəyə güldü Şəhriyar,
Torpağa örpəkdi, tüldü Şəhriyar.
Vətən deyə-deyə, öldü Şəhriyar,
Puç oldu taleyi, bəxti, dəyməyin.
 
 
Hardasınız otuz milyon qardaşım,
Qan ağlayır hər torpağım, hər daşım.
Alqayıtam, qoyun, axsın göz yaşım,
Çatıb ayrılığın vaxtı, dəyməyin.
 
27 may 1990-ci il, Astara.

Yurdumun

 
Saxta plan, qəm içində azadlıq,
Ağı deyil, qarasıdır yurdumun.
Həm bu tayda, həm o tayda inləyən,
Bir qismidir, parasıdır yurdumun.
 
 
Qanun yazdıq hər böyüyə, kiçiyə,
Yoxsul yazıq çıxa bilmir küçəyə.
Kürsülərdən lağ eyləyən kəndçiyə,
Qacarıdır, Darasıdır yurdumun.
 
 
Tənqidçi fitnəkar, alim eqoist,
Nələr törətmədi zalım nihilist?
Partbiletlə xalqı soyan kommunist,
İrin verən yarasıdır yurdumun.
 
 
Yazıq canım, tez bükülür dizlərin,
Dinmə, bala, tikanlıdır sözlərin,
Ay Alqayıt, çox şey görər gözlərin,
Hələ bunlar harasıdır yurdumun?
 

İncimə

 
Könül, bir də eşit dediklərimi,
Bəxtin gətirməyən zərdən incimə.
Saxla ürəyində bir nemət kimi,
Aça bilmədiyin sirdən incimə.
 
 
Şübhələr səf çəkib doğsa qəlbində,
Zülmət al Günəşi boğsa qəlbində.
Bəşəri duyğular yoxsa qəlbində,
Ümid bəslədiyin pirdən incimə.
 
 
Təbiət xar üçün gül bitirməkdə,
Bülbül inləməkdə, köks ötürməkdə.
Ulaq nəmər alsa, yük götürməkdə,
Müqəssir hakimdir – nərdən incimə.
 
 
Peysər ki, qızardı al yanaq kimi,
Tüpürsən, udacaq qayğanaq kimi.
Arvad kölgəsində bir qonaq kimi,
Pasportsuz yaşayan ərdən incimə.
 
 
Səxavətli, mərifətli dünyadır,
Saf arzulu, xoş niyyətli dünyadır.
Ay Alqayıt, ziddiyyətli dünyadır,
Nə gəlsə, xeyirdən, şərdən incimə.
 
Aprel 1984-cü il, Xanlar.

Düşmənəm

 
Barışa bilmərəm, barışmaram da!
Bu dünyanı qatanlara düşmənəm.
Nanəcibin, nakişinin, alçağın,
Ətəyindən tutanlara düşmənəm.
 
 
Falçılar fal açdı, nəs gəlir, dedi,
Sabahın bu gündən pis gəlir, dedi,
Kara paz çaldılar, səs gəlir dedi,
Bu minvalla, yatanlara düşmənəm.
 
 
Leyli bir misaldı, tükənməz, bitməz,
Şirin – ləyaqətdir, ona əl yetməz.
Nənəm Məhsətinin ruhu əfv etməz,
Qeyrətini atanlara düşmənəm.
 
 
Tanınar qızılgül, bənövşə kolla,
Susdurmaq günahdı qolsuzu qolla.
Ləkəli vicdanla, qeyrətsiz yolla,
Şan-şöhrətə çatanlara düşmənəm.
 
 
Alqayıt, bu Vətən bəzəkli gəlin,
İsməti, həyası elindir, elin.
Barışan deyiləm, eşidin, bilin,
Vicdanını satanlara düşmənəm.
 
1 iyun 1997-ci il, Bakı.

Ağlama

 
Sənin gözün, mənim qəlbim ağladı,
Kipriyim qanından içər, ağlama.
Bir əlçim oraqdı, bir damcı yaşın,
Ömür bostanımı biçər, ağlama.
 
 
De, tale püşkünə yar oldu kimlər?
Könül rübabında pas atdı simlər.
Çəkdiyin ağrılar, çəkdiyin qəmlər,
Miskin ürəyimə köçər, ağlama.
 
 
Od tutub cəsədim, qovrulub ündə,
Azdım yollarımı, dumanda, çəndə.
İlk eşqin dalınca, Alqayıt, sən də,
Aydı, gündü, gəlib keçər, ağlama.
 
8 mart 1996-cı il, Bakı.

Kişilik deyil!

 
İmkansız bir dostu görəndə, lələ,
Qaş-qabaq tökməyin kişilik deyil,
Tikə bilirsənsə, bircə könül tik,
İmarət tikməyin kişilik deyil.
 
 
Bu mülkü-Süleyman kimə məxsusdu?
Kim haram yedisə, axır qan qusdu.
Min cürə yalanla bir əziz dostu,
Başından əkməyin kişilik deyil.
 
 
Sən gəda oğlusan, nər olar nərdən,
Vətən müqəddəsdi, yapışma zərdən.
Dilənçi bir qıza söz atıb hərdən,
Qəh-qəhə çəkməyin kişilik deyil.
 
 
Elə zənn etmə ki, zamana dönüb,
Yaxşılar çevrilib yamana dönüb.
Cəllad qarşısında kamana dönüb,
Qəddini bükməyin kişilik deyil.
 
 
Səninçün nə Vətən, nə də millət var,
Südünü gizlədən, davarsan, davar.
Kompassız gəmisən, sahibsiz avar,
Dəryada səkməyin kişilik deyil.
 
 
Hələ tanımırsan milliyyətini,
Vaxt gələr, qanunlar didər ətini.
Soxma gözümüzə siqaretini,
Malbora çəkməyin kişilik deyil.
 
 
Alqayıtam, əldə mey qəzəblənib,
Qanmaz dilə gəlir, key qəzəblənib.
Dişi canavar tək hey qəzəblənib,
El qəlbi sökməyin kişilik deyil.
 
1 iyun 1997-ci il, Bakı.

Nə deyim

 
Səfərdəyəm, yol keçilməz, qala sərt,
Köhlənim yollarda qalsa, nə deyim?
Bir namərdə qurban oldu neçə mərd,
Qeyrət yüküm bir xəyalsa, nə deyim?
 
 
Dayanmışam qüssələrlə yanaşı,
Qəmlər olub bir-birinin sirdaşı.
Yaralanmış bu torpağı, bu daşı,
Ellər məndən xəbər alsa, nə deyim?
 
 
Yol yoldaşım: işgəncələr, əsarət,
Ürəyimdə minalanıb bu qeyrət.
Zülmə qarşı topladığım cəsarət,
Taleyimi oda salsa, nə deyim?
 
 
Susa bilməz, qəm boynuna dolanan,
Susa bilməz atəşlərə qalanan.
Susa bilməz el-obası talanan,
Vətən eşqi şirin balsa, nə deyim?
 
 
Dərələrin, təpələrin dərdi bol,
Minalanıb neçə orman, neçə kol.
Ay Alqayıt, səfərdəsən, yaxşı yol!
Gördüklərin bir xəyalsa, nə deyim?
 
27 noyabr 1996-cı il, Bakı.

Darixdim

 
Görüşünə çələng hördüm, gəlmədin,
Saraldı güllərim, soldu, darıxdım.
Qüssələr ələndi sevinc payıma,
Qismətim qəm, kədər oldu, darıxdım.
 
 
Titrətdin ruhumu bir həzin simlə,
Oxu dərdlərimi, nə ki var cəmlə.
Yollarım həsrətlə, ürəyim qəmlə,
Gözlərim qan yaşla doldu, darıxdım.
 
 
Əyildi qamətim, büküldü dizim,
Xəyal gəzən yeri de, necə gəzim?
Dil deyib ağladı, laləm, nərgizim,
Söyüdlər saçını yoldu, darıxdım.
 
 
Əl açdım, pay umdum ömür köşkündən,
Bəxtim yetim qaldı tale püşkündən,
Sənin vüsalından, sənin eşqindən,
Könlüm qəm paymı buldu, darıxdım.
 
 
Alqayıtam, dilim qarsıyıb ündə,
Taleyin hökmünə neyləsin bəndə?
Qərq oldu köhlənim dumanda, çəndə,
Bu yol nə bəlalı yoldu, darıxdım.
 
10 sentyabr 1994-cü il, Tanrıqullar.

Tofiq

Şair dostum T. Salehə


 
Ömrüm-günüm tufanlarda keçibdi,
Öz-özümə deyinmişəm, ay Tofiq.
Sevincim, fərəhim dönüb qüssəyə,
Qəm donunu geyinmişəm, ay Tofiq.
 
 
Fələk istəyimi kəm-kəsir etdi,
Könlümü qəm aldı, qəm yesir etdi.
Çox dostumu rütbə, pul əsir etdi,
Təkcə sənlə öyünmüşəm, ay Tofiq.
 
 
Əzəmət duyuram qartal səsində,
Min yuva qurmuşam dağ sinəsində.
Yaralı bir quşun son nəfəsində
Ürək olub döyünmüşəm, ay Tofiq.
 
 
Fəryadım dəryalar, göz yaşım bulaq,
Qurudu kökündə gör neçə budaq.
Möhnət yığın-yığın, dərd qucaq-qucaq,
Bu qəminlə sevinmişəm, ay Tofiq.
 
 
Alqayıtam, nə yatdım ki, nə görəm,
Qəza yollarımı kəsdi müqərrəm.
Nə Lələyəm, nə Əsliyəm, nə Kərəm,
Bir tilsimli beyinmişəm, ay Tofiq.
 
1972-ci il, Qazax

Tökdük

 
Dedik, qaş düzəldək, kiprik düzəldək,
Vurduq bu dünyanın gözünü tökdük.
Yandı, külə döndü yaşıl meşələr,
İsti sobamızın közünü tökdük.
 
 
Nə böhtanı yuduq, nə kirimizi,
Demirəm, bu işdən betərimizi.
Aldada-aldada bir-birimizi,
Çörəyi tapdadıq, ruzunu tökdük.
 
 
Gərdişi xudadı, hökmü zamandı,
Bu məzlum millətin halı yamandı.
Bir ovuc torpağa, Allah, amandı,
Göylərin odunu, buzunu tökdük.
 
 
Yastı çəmənlərim lalasız qaldı,
Ana yurdum bürcsüz, qalasız qaldı.
Vətəndaş inəklər balasız qaldı,
Sərhəddə qoyunu, quzunu tökdük.
 
 
Hələlik yaşayır Vətən qışını,
Çən bürüyüb torpağını, daşını.
Alqayıtam, gözümüzün yaşını,
Bu həsrət yolların uzunu tökdük.
 
May 1997-ci il, Bakı

Dağilmişiq göyçədən

 
Sizin üçün bəd xəbərdi bilirəm,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
Ağır dərddir, dözülməzdir bu sitəm,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
Bağlandı yolları aranın, dağın,
Gör neçə obanın, neçə oymağın.
İçmədik suyundan Buzlu bulağın,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Min neştər vuruldu yaram yetməmiş,
Yoldular, tökdülər gülüm bitməmiş.
Namus, qeyrət, abır-həya itməmiş,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Nə düzgün xəbər var, nə gəlib gedən,
Yaşaya bilərmi ürəksiz bədən?
Elə bil əzəldən yoxuymuş Vətən,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Ölüm-itim mənasıydı bu qisas,
Fitnəkarlıq əsasyıdı bu qisas,
Atatürkün qisasıydı bu qisas,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Vətən adlı sözümüzü qoruduq,
Odumuzu, közümüzü qoruduq.
Torpaq getdi, özümüzü qoruduq,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Arxasız bir elin kimdir sirdaşı,
Ayrılıqdır hər torpağı, hər daşı.
Dost dostu itirdi, qardaş qardaşı,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
El ağlayır, oba fikrə dalıbdı,
Taleh köşkümüzü bəndə salıbdı.
Toyuq hində, it zəncirdə qalıbdı,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
Mağarı sökdülər, toyu kəsdilər,
Qonşuluğu, haqqı-sayı kəsdilər.
İşığı kəsdilər, suyu kəsdilər,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Gəzdirmək çətindir buxovu dizdə,
Yoxdur qayğı əli kürəyimizdə,
Nə səndə günah var, nə də ki bizdə,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
 
Alqayıtam, köhlən minib çapışıb,
Qüssə, kədər ürəyimdə tapışıb.
Yaradanın ətəyindən yapışıb,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
 
1989-cu il, Xanlar

Ulu dağlarin

 
Leysan kiprikləri ümmana döndü,
Əyildi qaməti ulu dağların.
Gündüzü tutuldu, günəşi söndü,
Çeşməli dağların, sulu dağların.
 
 
Yarasız bədəndə yara yetirdik,
Qəm libası geydi hər qaya, hər dik.
Biz mahal itirdik, Vətən itirdik,
Qırıldı qanadı, qolu dağların.
 
 
Arı sızlar, pətəyində bal hanı?
Köhlən atlar, qoyun-quzu, mal hanı?
Nilufərin yanağında xal hanı?
Necoldu bənövşə kolu dağların?
Köç başladı, neçə karvan ötüşdü,
Dağmı yatdı, zirvələrmi sürüşdü?
Torpağına qan çiləndi, qan düşdü,
Döydü zəmisini dolu dağların.
 
 
Duman qalxdı, çiskin aldı dərəni,
Unutdular, övliyanı, ərəni.
Quldurlar, cəlladlar kəsdi bərəni,
Hər yandan bağlandı yolu dağların.
 
 
Zirvədə qartallar qıy çəkir ündən,
Ömür yollarımız açılımır çəndən.
Alqayıt, məzarı dağılan gündən,
Öldü Ələsgər tək qulu dağların.
 
14 aprel 1991-ci il, Bakı

Bepul matn qismi tugad.

17 840,39 s`om
35 680,79 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
301 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8032-8-0
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar