Kitobni o'qish: «Tanıdığım Əli Kərim»

Shrift:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 12-ci kitab

© Altay Məmmədov / Tanıdığım Əli Kərim

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 216 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Redaktordan

Əli Kərim… Bu ad neçə illərdir ki, Azərbaycan poeziyasında bir əfsanə kimi dolaşmaqdadır.

O, bu dünyadan nakam köçəndə bir çoxları "əlinə xına qoyub" ki, nəhayət, şeirimiz Əli Kərimin əsarətindən qurtuldu. Amma anlamadılar ki, əslində "əsarət" onun ölümündən sonra başlayırdı.

Vəfatına qədər cəmi dörd kitabı çıxsa da (biri Moskvada "Два влюбленных" – 1958, üçü Bakıda – "İki sevgi" – 1960, "Həmişə səfərdə" – 1963, "Qızıl qanad" – 1965), vəfatından sonra Əli Kərim ən çox çap olunan şair oldu.

Azərbaycan ədəbiyyatında Nizami zirvəsi, Füzuli zirvəsi, Sabir zirvəsi olduğu kimi, bir Əli Kərim zirvəsi də var. Dünyanın qabaqcıl poeziya ənənələrini Azərbaycanın klassik poeziyasıyla birləşdirən şair, yeni bir ədəbi məktəbin əsasını qoymuşdu zatən. Ölümündən 46 il keçsə də, o məktəb yaşayır və hər il sıralarına yeni-yeni adlar əlavə olunur.

Əli Kərim şeiri novator şeir idi. Şeir şəhidi Nəsiminin, eşq müdriki Füzulinin, söz arifi Sabirin misralarından maya tutan bu yeni şeir Mayakovskinin, Lorkanın, Nerudanın, Nazim Hikmətin yaradıcılığından bəhrələnsə də, son dərəcə özgür, son dərəcə yeni idi.

"Zülməti korlar da görür" deyən şair, özünün başa düşülməməsindən tədirgin idi:

 
Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır.
 

Əli Kərim üçün mövzu qıtlığı olmayıb. O ənənəvi mövzularda da şedevr yarada bilib: ("Atamın xatirəsi", "Qaytar ana borcunu") Hətta haçansa xalqımızın döyüşdən keçəcəyini belə görüb sanki: ("Babəkin qolları") Və poeziyamızda ayrıca "məhəbbət şairi" adlanan yazarlara da bir neçə sevgi şeiri ilə əsl dərs keçib Əli Kərim: ("İki sevgi", "Qayıt", "Nə xoşbəxt imişəm bir zaman allah") "Gül və çörək" şeiri isə savaş dövründə sevginin nadir gücündən bəhs edən əvəzsiz poeziya nümunəsidir.

Əziz oxucu! Qarşındakı kitab memuar ədəbiyyatı seriyasından buraxılan və ədəbiyyatımızın həmişəcavan şairi Əli Kərimə həsr olunan bir dostunun xatirələrindən ibarətdir. İnanırıq ki, görkəmli şairimiz haqqında bu kitabı sevə-sevə oxuyacaqsınız.

Azad Qaradərəli

Qara teleqram

1969-cu il, isti bir iyun günü, şər qarışanda teleqram aldım "Əli vəfat edib". Sarsıdıcı və gözlənilməz bir xəbər. Adətən belə məzmunda teleqram vurulmurdu. Yazardılar ki, "xəstədir", uzaq başı "vəziyyəti ağırlaşıb". Xəbərin bu cür verilməsi hadisə yerinə toxtaq, tamamilə üzülməmiş halda çatmaq üçün bir növ stimul rolu oynayırdı. Ağır xəbər çatdırmağın üsul və yollarını xalq özü psixoloqlara müraciət etmədən uzun illərdən bəri hazırlamışdı. Sonralar öyrənəcəkdim ki, "Yazıçılar evinin" sakinlərindən biri Əlinin ailəsinin xahişi ilə həmin teleqramı tərtib edib vurmuşdu. Bizim evdə ağlaşma qurulmuşdu. Anam, yoldaşım, övladlarım. Bütün yaxın qohumlarım da Əlini çox istəyirdilər və bilirdilər ki, mən getməliyəm. Yoldaşımla elə ilk qatarla Bakıya yola düşdük. Bilirdim ki, sabah ağır gündür, ona görə heç olmasa bircə, cəmi bircə saat yatmaq gərəkdir. Mümkün olmadı. Mənim ruhumu, mənəviyyatımı alt-üst edən birinci növbədə qara xəbərin gözlənilməzliyi idi. Əli iyulda, ya da avqustda Gəncəyə gəlməli idi. Onun üçün xəstəxanada ayrılacaq xüsusi palatada müalicə olunacaqdı. Sonuncu dəfə mən Əlidən ayrılanda əhvali-ruhiyyəsi çox yüksək idi. Çoxlu çay içdik, başqa içkiləri yumorla əvəz etdik. Sevincdənmi, nədənmi elə köklənmişdik ki, bütün dialoqlarımızdan gülüş səpələnirdi, uğunduran gülüş, partlayışlı gülüş, qəhqəhə yusəkliyində gülüş, elə bil divarlar da gülürdü. Əli içkini atmışdı, dediyinə görə, tamam. Bəlkə də bu gülüşlər həmin hadisənin sevincindən doğurdu. Nəticəsi nə? Bu qara teleqrammı? Sonu dəhşətli xəbərlə bitən gülüş!

Bundan sonra mən bir daha gülüş atının yüyənini buraxmayacam, Əlini yada salıb lap ən şirin məqamlarda gülüşü xırp kəsəcəyəm. Gülüşdən daha qorxuram mən…

Sonra xalis müsəlmansayağı təskinlik motivləri aramağa başladım. "Bəlkə Əlinin vəziyyəti hədsiz ağırlaşıb, mənim Bakıya getməyimi zəruri hesab edib bu məzmunda vurublar teleqramı? Yox inanmıram, sadəcə yazsa idilər ki, "Əli xəstələnib", qopub gedəsi idim. Bunu bilirdilər. Yox! Heç bir təskinlik tapa bilməzsən. Açıq, aydın və sərt yazılıb: "Əli ölüb". Öləsi adamların bu cür bolluğunda niyə məhz Əli ölməli idi – ən yeni Azərbaycan poeziyasının sultanı Əli. Bir qədər ayıqlıqla yuxu arasında qaldım, elə bil həyəcanım, xofum, qorxum bir anlığa çəkildi. Gözlərimi açdım və yenə də əsl müsəlmansayağı düşündüm: "Bəlkə yuxu imiş bunların hamısı? Bəlkə heç teleqramda yazılmamışdı ki, "Əli ölüb". Natərəstlikdən teleqramı da evdə qoyub gəlmişdik. Səhər zülmlə açıldı. Qət etdik ki, Əligilə birbaşa getməyək, əvvəlcə dəqiqləşdirək: "Bəlkə yalandır, bəlkə Əli sappa-sağdır, axı ölməməliydi Əli". Məndən bir yaş kiçikdi Əli. Bəstəboy, dolubədənli Əli. Vaxtilə boksyor olan Əli, əvvəllər sap-sağlam olan Əli, gözəl Əli!..

Həyətə göz gəzdirmək Bünyad Sərdarov küçəsindən daha münasib idi, orada get-gəl başlamışdı – bütün yas evlərində olduğu kimi. Səssizcə girdik həyətə. Bizi gördülər, nə vaxtsa səngimiş ağlaşma yenidən başlandı, lakin uzun sürmədi, hələ tez idi… Yoldaşım ağlaşma otağına getdi. Mən kiçik bir otaqda qaldım. Bir qədər keçməmiş yoldaşım gəldi, göz yaşlarını silə-silə "bəlkə gəlib vidalaşasan" – dedi – üzü açıqdır, elə bil yuxudadır". "Yox" – dedim. Mən Əlini sağlığında necə görmüşəmsə o cür də saxlayacam təsəvvürümdə".

O ağır, o məşum gündən 25 il keçib. Olub-keçənlərin hamısını yadda saxlamaq, əlbəttə, çətin, qeyri-mümkündür. Heç bir yazım, qeydim də yoxdur. Bəlkə elə belə məsləhət imiş – yaddaşda nələr qalıbsa elə onlar da vacib imiş, zəruri imiş; lazım olmayanlar isə süzülüb haradasa qalıb, zaman özü lazım olanları ayırıb saxlayıb.

"Yazıçılar evi" nin sakinləri yavaş-yavaş həyətə enirdilər. Hələlik kiçik otaqda məndən başqa üç-dörd nəfər olardı. Bircə aydın yadımda qalan Hüseyn Hüseynzadədir. Bir müddətdən sonra başdan-başa qara geyimli Elza xanım göründü. Əlində qəzet vardı: "Əlinin son şeirləridir, – dedi, – sizə vəsiyyət eləyib". Boğuldum. Qadın gedəndən sonra açdım. Otaqdakıların hamısı yaxına gəldilər. İlk şeir "Vəsiyyət" idi. Oxumağa başladım, bir neçə misradan sonra gözlərim torlandı, sətirlər bir-birinə qarışdı. Oxuya bildiyim bu misralar idi:

 
Yeri oldu-olmadı
həkim ki,
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından
birinin qulağına —
həkim,
Salam-əleykim!
 

Bu misraları nəyə görə xatırladım? Sonralar mənə elə gəlirdi ki, Əli belə deyib:

 
Ölüm,
Salam-əleykim!
 

Həmin şeir çap olunandan sonra gördüm ki, "ölüm" deyil, "həkim" dir. Yenə bir müddət keçdi. İçimdə həmin misralar "Ölüm, salam-əleykim" kimi səslənməyə başladı. Yenə kitabda əslini oxudum. Kitabdan aralanan kimi indi də "həkim" "ölüm" oxunur. Bunun həkimə, həkim şəxsiyyətinə, həkim peşəsinə qəti dəxli yoxdur, mətləb Əlinin lap ilk gəncliyindən ölümlə əlləşməsidir. Qərəz, davamını oxuya bilməyib verdim Hüseynə, o da oxuya bilmədi. Cavanlar böyük həvəslə şeirləri oxumağa başladılar. Əli dirildi, danışdı. Bu bizə o qədər də təskinlik gətirmədi; çünki şeirlərin hamısında ölüm ovqatı vardı.

Camaatın həyətə yığıldığını görüb biz də otaqdan çıxdıq. Dedilər Rəsul müəllim gəlib və Əlinin harada dəfn olunacağını müəyyənləşdirmək üçün yuxarı təşkilatlardan birinə gedib. Görünür, ortalığa yenə fəxri xiyaban məsələsi çıxmışdı.

Bu ara Mirzə İbrahimovdan teleqram gəldi (Görünür, Bakıda deyilmiş). Əlinin ailəsinə başsağlığı verirdi. O, Əli haqqında belə bir ifadə işlətmişdi: "qeyri-adi istedad…" Axı istedad özü qeyri-adilikdir. Deməli, Əli Kərim qeyriadilərin qeyri-adisi idi. Daim Yazıçılar İttifaqı ierarxiya-sında yüksək yer tutan adlı-sanlı bir sənətkardan belə söz eşitmək, əlbəttə, təskinlik idi. Mənə əvvəllər elə gəlirdi ki, yaşlı nəsil Əli Kərim poeziyasının mahiyyətini başa düşmür, yaxud başa düşə bilmir; onlarda poeziya barədə estetik anlayış əsasən 20-ci, 30-cu, 40-cı illərin şeir və poemaları əsasında formalaşmışdı. Əlinin yaradıcılığı isə tamamilə yeni keyfiyyətli olub 50-60-cı illərə məxsusdur. Yox! Yaşlı nəsil də Mirzə İbrahimovun şəxsində Əli poeziyasının mahiyyətini əla başa düşürmüş! Elə isə bəs niyə qeyri-adilərin qeyri-adisi həyat yoldaşı və üç körpəsi ilə yarımzirzəmidə, yarıqaranlıq, rütubətli mənzildə məskunlaşdırılmışdı?! Və indi qeyri-adilər qeyri-adisini dəfn etmək üçün iki kvadrat metr torpaq sahəsi niyə böyük bir problemə çevrilmişdi?! Əslində bu problemləri "bərabərlik" deyə-deyə insanları qeyri-bərabər edənlər yaratmışdılar.

Günortaya yaxın xəbər gəldi ki, Əli Kərimin fəxri xiyabanda (nə "A", nə "B", nə də "V" bölümlərində) dəfn olunmasına razılıq verilmir. Əli Kərimin "göstəriciləri" fəxri xiyabanın "Mendeleyev cədvəli" nə qətiyyən uyğun gəlmir. Belə ki, Əli Kərim nə xalq yazıçısıdır, nə də əməkdar incəsənət xadimidir, nə dövlət mükafatı laureatıdır, nə də komsomol, nə ordeni var, nə də medalı, nə də heç olmasa rayon sovetinin deputatıdır, hələ üstəlik də "bezpartiynidir". Bu qədər. Bəs əsl qiymət? Bəs "qeyri-adilər qeyri-adisi" necə oldu?

Lakin Rəsul müəllim də, daha kimlərsə də fəxri xiyabandan hələ əllərini tamam üzməmişdilər. Günortadan bir qədər də keçəndə Göyçaydan gələn qohumlardan birinin (deyəsən Əlinin yeznəsinin) gur, bir qədər də acıqlı səsi eşidildi:

– A kişilər, qoyun adamımızı aparaq ana yurdunda rahatca dəfn edək!..

Bu vəziyyət mənə tanışdı – elə rəhmətlik Əlinin özünə də tanış idi. Neçə illər əvvəl xalqın əsl sevimli şairlərindən olan Əliağa Vahidin də dəfni belə cəncəl fəxri xiyaban problemi ilə üz-üzə gəlmişdi; əgər mərhum şair əvvəlcədən bilsəydi ki, pərəstişkarlar onu fəxri xiyabanda dəfn etmək üçün o qədər əzab-əziyyət çəkəcəklər, əsəbilik və həyəcan keçirəcəklər, əvvəlcədən bir vəsiyyət yazıb qoyardı ki, "məni keçirdiyim sadə, iddiasız ömür yoluma uyğun bir sakit-samit yerdə dəfn eləyin, ömrüm boyu mən dəbdəbədən uzaq, əldəqayırma, qurama şöhrətdən uzaq yaşamışam, qoyun ölüm – həyatım da eləcə davam etsin". Lakin Vahid pərəstişkarlarının əllərində belə bir vəsiyyət yox idi; əgər belə bir kağız olsa belə onlar formal bürokratik "cədvəllərə" qarşı üsyan etməli idilər. O zaman Vahidin cənazəsi Yazıçılar İttifaqının binasında qoyulmuşdu. Bunun da öz mənası, öz təsir qüvvəsi vardı; İttifaq üzvlərinin, demək olar ki, hamısı da orada idi. Respublika rəhbərliyi isə Moskvada olduğundan Bakıda qalanların heç biri Əliağa Vahidin fəxri xiyabanda dəfn olunmasına "sanksiya" vermək iqtidarına malik deyildi. Nəhayət, uzun əlləşmədən sonra (bakıdakılar moskvada-kılarla əlaqəyə girib onlara nələr dedilərsə, bəlkə də vahiməyə saldılar) xüsusi icazə alındı. Dəfn mərasiminə qəribə şad əhvali-ruhiyyə çökdü. Hava isti idi, hamı əldən düşmüşdü. Xəbər adamları gümrahlandırdı. Vahid öz pərəstişkarlarının çiyinlərində Xaqani küçəsinə çıxdı – mərasim fəxri xiyabana yol aldı. Əlidən aralı düşdüm. Akademik Firuz Məlikov məni özündən aralanmağa qoymadı. "Prospektə çıxan kimi bir maşına əyləş" – dedi. Razı olmadım. "Onsuz da Bünyad Sərdarovda tabutu maşına qoyacaqlar" – dedim. Firuz Məlikov uzun illər Gəncə Kənd Təsərrüfatı İnstitutunda işləmişdi. Şəhərin mədəni yüksəlişində də zəhməti çoxdu, teatrın daimi tamaşaçısı idi, ictimai baxışlara da gələr, hər dəfə də çıxış edərdi. Mənə də çox köməyi dəymişdi. Onunla hər dəfə görüşmək xoş idi, vaxtilə Cəfər Cabbarlı ilə də yaxın olmuşdular. İndi Vahidin dəfnində iştirak etməsi də onun Azərbaycan mədəniyyətinə sıx bağlılığına nümunə idi. Bünyad Sərdarov küçəsinə necə çatdığımızı hiss etmədik, bu böyük məsafəni necə qət etdiyimə özüm də təəccüblənirdim. Burada izdiham dayandı, güman edirdik ki, tabut avtomaşına qoyulacaq. Lakin belə olmadı, on-on iki dəqiqəlik fasilədən sonra izdiham yenidən hərəkətə gəldi. Güman etdik ki, cavanlar hörmət əlaməti olaraq Vahidi çiyinlərindən düşürmürlər; lakin az sonra aydın oldu ki, cavanlar "birdən maşın tabutu başqa qəbristanlığa apara bilər" – deyə yerə qoymurlar. Bax belə! Düz fəxri xiyabana, Vahidin artıq qazılmış qəbrinin yanına qədər piyada getdik. Yenə yorğunluq hiss etmirdim. Vahid xalq arasında şöhrətli, sayılan, seçilən, sevilən sənətkardı. Az görmüşdüm onu Yazıçılar İttifaqı binasının qarşısında. Yüksək ierarxiya üzvləri Süleyman Rüstəmin, Məmməd Rahimin bu balacaboylu şairi görəndə necə balacalaşdıqlarının da şahidi olmuşdum. Şairə salam verəndə istər-istəməz əyilməli olurdular. Bir qədər laübəli, bir qədər etinasız adam təsiri bağışlayırdı. Hiss olunurdu ki, heç kəsdən asılı deyildir. O öz-özünə tam daxili azadlıq təmin etmişdi. "Canlı klassiklər" də ona qarşı hörmətlə yanaşı gizli bir qibtə də hiss olunurdu. Deyək, Vahiddə də onlara münasibətdə heç bir irad müşahidə olunmurdu – o hər şeyi necə var, eləcə də qəbul edirdi. "Siz eləsiz, mən belə". Yaxud "Mən sizin yolunuzla gedə bilmərəm, siz də mənim yolumla". İerarxiya nümayəndələri yeri düşəndə ona maddi-mənəvi yardım da edirdilər. Səmimi, ürəyə yatan əsərlərlə yanaşı çoxlu bayram şeirlərinin müəllifi olan Süleyman Rüstəm hər ehtimala qarşı (qara gün üçün) qəzəl də yazırdı – son dövrlərdə isə bunların sayını artırmaqda idi. Görünür, heç "İki sahil" şeirlərindən də o qədər arxayın deyildi. Mən və yaşıdlarımın çoxu Vahidə dərin hörmət bəsləsək də, müasir janrlara rəğbət ruhunda tərbiyələndiyimiz üçün qəzəl janrının o qədər də pərəstişkarı deyildik. Bizə elə gəlirdi ki, qəzəl janrı Füzuli ilə yekunlaşıb. Lakin qəzəl muğamla qol-qola verib qoşa qanadla cövlan etməkdə idilər, bəlkə onların vəhdətləşməsi də təsadüfi deyildi. Qəzələ hücum olanda muğama da təzyiq vardı, onların birləşib bir-birinə dayaq durmaları da zərurət idi. Füzulini duya-duya, dərk edə-edə, bütün sözlərin məcazi mənasını belə bilə-bilə oxuyan sənətkarlar seyrəlməkdə idi. Həmin qəzəlləri muğam üstə mənasını dərindən bilə-bilə dinləyib feyzyab olan "mədrəsə ziyalıları"da azalmaqda idilər. Və belə bir kritik məqamda göylərdənmi, qeybdənmi Vahid adlı bir qəzəlxan nazil oldu. Və yeni xanəndələr onun dənizində öz yerini tapmış balıqlar kimi sərbəst üzməyə başladılar. Azərbaycan muğamlarının Vahidlə birliyi onu əvvəlkilərdən çox-çox yüksək mərhələlərə qaldırdı. Bizim Vahidə olan yüksək münasibətimiz muğama olan münasibətimizlə bağlı idi.

Sırf poeziya baxımından isə biz Səməd Vurğunla daha çox bağlı olan nəsil idik. İndi isə pərəstiş yerimiz Nazim Hikmət yaradıcılığı idi.

Əliağa Vahidə olan hörmət və məhəbbətin bir mənbəyi də vardı: Xalq onu sonsuz, dərin, təmənnasız bir məhəbbətlə sevirdi, bizim hörmətimiz həm də bu məhəbbətə idi, bizim məhəbbətimiz həm də xalqın öz şairinə məhəbbətinə olan məhəbbət idi. Məhəbbətə məhəbbət!

Vida mitinqi başlandı. Vallah, matəm mitinqinə oxşamırdı bu. Qələbə mitinqi idi bu! Mirzə İbrahimov da çıxış elədi, Vahidə layiq sözlər dedi. Mitinq bitdi. Vahid torpağa tapşırıldı. Camaatsa dağılmaq bilmirdi. Xalq 70 il yaşayıb heç bir mükafat, ad, san almamış şair oğlunu bircə gündə, bəlkə bir neçə saatda rəsmi həm xalq şairi, həm deputat, həm laureat eləmişdi, ordenli, medallı eləmişdi. Xalq qələbə çalmışdı. Belə dəfn mərasimi məhz bayram kimi yekunlaşmalı idi. Elə də oldu. Abşeron kəndlərindən gələn cavanlar əsasən şairin sözlərindən ibarət olan meyxanalar deməyə başladılar…

Küçəyə çıxdım, Əli orada idi.

– Mən belə dəfn görməmişəm, – dedi, – indiyəcən. Bunu qeyd eləmək olardı.

Doğrusu mənim də ürəyimdən keçirdi. Lakin bilmirdim Əlidə bir şey var, ya yox. Mənim pulum çox azdı. Məlum oldu ki, Əlidə də bir şey yoxdur. Dedim:

– Əli, ikimizə yetik düzələr, amma heç kimə demə. Bir təhər aradan çıxaq.

– Yaxşı, – dedi.

Elə ki, taksi saxladım, qapısını açıb şoferin yanında əyləşdim, hiss etdim ki, arxada da iki nəfər oturdu. Düzü çox pərt oldum. Əli şərti pozmuşdu. Qanrıldım, Sərdar Əsəd idi. Çoxdan tanışdıq, amma çörək kəsməmişdik. Salamlaşdıq. Əli günahkar görkəm almışdı.

Dedim:

– Mədənizə əmr edin, cəmi üçcə manatlıq şirə buraxsın.

Sürücüdən sürəkli bir qəhqəhə qopdu. Sükan əlindən çıxdı. Küçə əyri və enişdi. Qorxdum. Xahiş etdim ki, sükandan yapışsın. Şoferlər ümumiyyətlə nazik mətləbləri tez tuturlar, xüsusilə Bakı sürücüləri. Əli də gülürdü, Sərdar da. Mənim də ovqatım düzəlmişdi. Sür, – dedim sürücüyə, – Starı Yevropaya. Yəqin elə bildilər ki, cibim doludur.

Əlbəttə, restorana getmək üçün qətiyyən imkan yoxdu, ancaq girəcəkdə bir kafe vardı, qiymətlər restorana nisbətən az qala yarıbayarı. Oranın bufetçisi (yəqin ki, xozeyini) suvadaq qızıldişli, güləşsifətli şəkili Ələsgərdi. Mehriban adamdı, kafenin daimi müştəriləri də ziyalı nisbət adamlardı, dava-dalaş olan yer deyildi. Neçə il əvvəl Gəncə Teatrı Bakıda qastrol səfərində olarkən kollektiv bu mehmanxanaya düşmüşdü. Məmməd Burcəliyev məni də onunla tanış etmişdi (İndi pulum çatmasa ömrümdə ilk və bəlkə də son dəfə nisyə oturmağa cürət etmişdim). İçəridə xeyli müştəri vardı. Ələsgər görünür, güclü intuisiyaya malik imiş. Salam verdik, əleyk aldıq, maraqla soruşdu:

– Kişini dəfn elədüz?

– Bəli.

– Allah rəhmət eluya, yaxşı kişiydi.

Piştaxtanın yaxınlığındakı masanın ətrafında iki boş stul vardı.

– Əyləşin bir stul da tapdırım, – yanındakı yaşlı rus xidmətçisinə göstəriş verdi, beş dəqiqəyə üçüncü stul da gəldi.

Yarım litr araq, iki porsiya da sosiska dedim – pulum ancaq buna çatardı. Ələsgər tez həll elədi.

Əliağa Vahidə rəhmət oxuya-oxuya döşəndik yeməyə, bərk ac idik. Fikirləşdim üstünü hərə öz evində görər.

– Öləndə də belə öləsən, – dedi Sərdar.

– Heç ölməmək daha yaxşıdır, – dedim mən.

– Dəxli yoxdur, ölməməyin də axırı ölümdür, – dedi Əli.

– Bir dəqiqə olar? – Ələsgər mənə müraciət elədi.

Ayağa durub yaxınlaşdım – Sizə iki şüşə araq göndərirlər küncdəki stoldan, amma xahiş eliyirəm boylanmayın. Məsləhətdir, bura gələn adamdır.

– Gücümüz çatmaz.

– Sizinmi?!

– Birinin əvəzinə sosiska göndər, o birini saxla hələ, lazım gəlsə üç yüz elə.

Stola iri boşqabda çoxlu sosiska gəldi.

Əli boşqaba baxdı, gözlərini zillədi üzümə: "Yemək bol olarsa basılmaz bədən" – dedi.

– Düz tapmısan.

– Orada nəyisə tənzim edirsən?

– Bəli.

– İnsafı əldən qoyma.

– Arxayın ol.

Sərdarı deyə bilmərəm, Əli nəyisə duymuşdu, amma onu da bilirdi ki, "amansızam". Özü qoymuşdu bu adı mənə.

İçki qurtardı, gözlərini sosiska dolu qaba dikdilər. Elə bu anda xidmətçi qadın dayaz boşqabda üç kiçik stəkan araq gətirdi, Əli dedi: Klassik tənzim eləmisən, pedaqoji baxımdan da yaxşıdır.

Çox normal vəziyyətdə idik. Onlar çıxdılar, mən hesablaşmaq üçün Ələsgərə yaxınlaşdım.

– Ha indi bunlardamı şairdi? – dedi.

– İkisi də şairdir, yaxşı şairlərdir.

– O ölənə çatmazlar.

– Bunlar hələ çox cavandırlar.

– Yəni deyirsiniz çatarlar?

– Bəli.

– Mən sizə inanıram, – dedi. O ki qaldı şota, o oğlan yenə araq göndərdi, sabah da gəlib yeyib-içə bilərsiniz. Maadam ki, yaxşı şairlərdir, dəvət eləyin gəlsinlər, ikisi də yaxşı oğlana oxşayır.

Ələsgər vaxtilə mənimlə də zarafat eləmişdi. Həmin teatr qastrolu zamanı "Həmyerlilər"ə baxmışdı. Burcəliyevlə çörək yeyəndə demişdi:

– Niyə pisləyirsiniz yerlipərəstliyi? Burcəliyev mənim yerlimdir, ona hörmət eləyirəm, sizi mənimlə tanış eləyib, sizə də bəqədr qüvvə hörmət edəcəyəm, burada nə var axı?..

Bilirdim ki, zarafat eləyir. Axırda dedi ki, "Allah sizi güldürsün, yamanca güldürdünüz məni, yaxşı tamaşadı".

O ki qaldı bizi qonaq eləyən gəncə, təxminən 30 ildən sonra bildi ki, stol arxasında əyləşənlərin biri Əli Kərim imiş, biri də Sərdar Əsəd. Mən Əlinin adını çəkən kimi soruşdu: "Qaytar ana borcunu"? Gözləri işıqlandı, sevindi elə bil. Həmin oğlan indi ahıl kişidir, babadır, adlı biznesmendir, ilk sponsorluq elədikləri isə biz bəndələr olmuşuq.

Əli və Sərdar küçədə məni gözləyirdilər. Söhbətimiz yenə Vahid haqqında oldu. Onun fəxri xiyabanda dəfninə nail olanların hərəkətlərini dönə-dönə təqdir etdik və ayrıldıq. Mən hədsiz yorğunluğumu indi hiss etdim. Hələ işıqdı, həm də Əli Sərdarla birgə idi. Mən arxayın mehmanxanaya üz qoydum…

Neçə il keçmişdi o gündən. Kaş elə həmin gün olaydı. Sərdar, Əli, mən, oturaydıq Ələsgərin kafesində… Onun parıldayan qızıl dişlərinin və təbəssümünün işığında… Sonralar ilk görüşdə Sərdara həssas yanaşmadığım üçün özümü çox danlayacağam. Belə söyləyirdilər ki, Əlinin ölümündən xeyli sonra günlərin birində Sərdar Əlinin portretini görkəmli bir yerə qoyub özünü öldürüb. Bunun nə dərəcədə həqiqət olub-olmadığını bilmirəm, ancaq bunu həqiqətən olmuş kimi qəbul edib içimdə bugünə kimi yaşadıram, çünki bu hadisəni uydurmağa heç bir lüzum olmayıb.

Keçmişdən, xatirədən bu günə, gerçəkliyə qayıdıram və Əlinin yeznəsinin səsini eşidirəm: "A kişilər, qoyun adamımızı aparıb öz ana yurdunda rahat dəfn edək".

Rəsul müəllim gəldi. Yaşlı nəsildən həmin yas mərasimində olanlardan bircə o yadımda qalıb. Ona tərəf gedirəm, Əli ilə münasibətlərimizi bilir. Kədər qarışıq qəzəblə deyir:

– Alınmır hələ.

Rəsul müəllimdən başqa fəxri xiyaban məsələsi ilə daha kimlərin məşğul olduğu yadımda deyil. Onlar bir tərəfdən yuxarıların dəqiq işləyən, hər şeyə "olmaz" deməyi "ustalıqla" bacaran bürokratiyası, digər tərəfdən, Göyçaydan gələn qohumların təzyiqi arasında qalmışdılar.

Fəxri xiyaban məsələsi baş tutmadı.

Və nəhayət, qərara alındı ki, Əli Kərim Göyçayda dəfn olunsun.

Əbədiyyətə gedən yol

O dövr üçün çox uzun bir maşın korteci Bakını tərk etdi.

Rəsul muəllim Məmməd Arazı, Tofiq Bayramı və məni öz maşınına götürmüşdü. Əlinin yeznəsinin "Qoyun Göyçayda rahat dəfn edək" sözləri də məni rahat buraxmırdı. Görən oradasa da rahat dəfn edə biləcəkdikmi? Əlbəttə, adi qəbristanlıqda bu mümkün idi. Lakin Əlini qətiyyən adi qəbristanlıqda dəfn eləməyə qoymaq olmazdı. Ancaq rayon bürokratiyası mərkəzinkindən heç də geri qalmır, "Mərkəzdən icazə yoxdur!" – deyib daha artıq sitallıq göstərir. Mən belə işlərin çox şahidi olmuşdum. Rayon bürokratiyası daha köntöy, daha qanmaz olur. Bircə Rəsul müəllimə arxayın idik. Mənim konkret arzum o idi ki, Əli rayon mərkəzindəki bağlardan birində dəfn olunsun, Göyçaydan keçənlər onun məzarını ziyarət edə bilsinlər. Bu mümkün olan bir işdi. Fikrimi Rəsul müəllimə söylədim.

– Yaxşı fikirdir, görək ayrı hansı variantlar olacaq – dedi.

Bilmirəm haradan mənim beynimdə belə bir fikir yaranmışdı ki, Rəsul müəllim yaşıdı olan yazıçılara nisbətən rayonlarda gedən proseslər haqqında az təsəvvürə malikdir. Doğrudur, Bakıdakı proseslər rayonlardakılardan daha qəlizdir, ancaq dərinlərdədir, aydın müşahidə olunmur. Dedim:

– Rəsul müəllim, rayonun rəhbər işçiləri üçün yalan danışmaq problem deyil, danışdıqlarının ən azı səksən faizi yalan olur, hər şey söz verərlər, lakin əməl etməzlər, ələlxüsus siz Bakıda, onlar Göyçayda. Hələ başqa mətləb də var. Bir də görəcəksiniz sizə söz verənləri dəyişiblər. Təzələrsə "biz işin içində olmamışıq" deyəcəklər. Ola bilsin ki, hələ onlar xəlvət Bakıya da zəng etsinlər, icazə istəsinlər, sığortalansınlar. Bakıdakılarınsa heç biri qəti söz deməz, buna ki, bələdsiniz.

Rəsul müəllim diqqətlə qulaq asırdı, müxtəlif çətinliklərlə üzləşəcəyimizi o da hiss edirdi. Fəxri xiyabanın baş tutmamasının ağırlığından hələ də qurtarmamışdı.

Rəsul müəllimlə Əli arasında yalnız və yalnız sənət bağları vardı, vəssalam! Əli Rəsul müəllimin poeziyasını yüksək qiymətləndirirdi, Rəsul müəllim də Əlinin şeirlərini sevir, Əlinin varlığı ilə fəxr edirdi. Bu ağır gündə ağsaqqal kimi qabağa düşməyi də özünə borc bilirdi… Fikrim yenə geriyə qayıtdı.

1959-cu ilin yayı. Bakıda idim, hər gün Əli Kərimlə görüşürdük. Bir gün gözlərində sevinc dedi:

– Rəsul müəllim bizi bağa çağırıb, sabaha, istirahət gününə.

Ertəsi gün getdik Buzovnaya. İlk dəfə görürdüm əyri, lakin çox təmiz küçələri. Əli dedi ki, bir saat çimərlikdə gəzinək. Əyri küçə ilə sahilə enməyə başladıq. Burada kiçik, ilk baxışda bəlkə də əhəmiyyətsiz görünə bilən bir hadisə oldu, indi bunu xatırlamağı mümkün hesab edirəm. 37 il keçib artıq. Şərti olaraq "sol" səki ilə biz sahilə tərəf gedirdik, yenə şərti olaraq "sağ" səki ilə dəniz səmtindən qarasaçlı, olduqca gözəl bir qız irəliləyirdi. Mən buna bəlkə də əhəmiyyət verməzdim, yadımda saxlamazdım, şəhərdə adamın qarşısına onlarla, bəlkə də daha çox gözəl çıxır. Məsələ burasındadır ki, qız birdən dayandı gözlərini Əliyə zillədi, hiss etdim ki, Əli də dayanıb, çevrildim, onun bənizi dümağdı, sanki kino lenti saxlanmışdı, bir anlığa. Əli ilə qızın dayanıb baxışmaları isə on-on iki saniyə çəkdi… Sonra kinolent hərəkətə gəldi. Xəbər aldım:

– Əli, kim idi o qız?

– Soruşma, – dedi.

Nə qədər yalvardımsa, heç nə demədi. Sonralar da dəfələrlə təkid etdim, axırda "sirri-xudadır," – dedi.

Bunda mən qeyri-təbii heç nə görmürdüm. Çox az adam tapılar ki, evlənənəcən cəmi elə bircə "ilk məhəbbəti" olsun. Evlənənə qədər əflatuni ilk məhəbbətlərin sayı bəzən çox olur, yaşıdın qonşu qızı sevirsən qəlbində, fikirləşirsən, böyüyüm, əlim çörəyə çatsın, qəlbimi açaram ona, alaram onu, həm də baxışlarından hiss edirsən ki, sənə laqeyd deyil… Bir də görürsən qapınızın yaxınlığında "Gəlin atladırılması" çalınır, qəhərlənirsən və əlvida birinci ilk məhəbbət… Bir də görürsən aranızda beş-altı yaş fərq olsa da cavan və gözəl müəllimənə vurulmusan, hətta o sənin baxışlarından da nəsə hiss edir… Qərəz, özünün əsl ilk məhəbbətini tapana qədər bu illüzor ilk məhəbbətlər davam edir. Əli isə anadan şair doğulmuş həssas bir cavandı…

Günəşli gündü, amma külək əsirdi. On beş ilə yaxındı ki, Bakıya gəlib-gedirdim. Xəzərin maviliyini, təmizliyini ilk dəfə gördüm, Xəzərin əsl dəniz gözəlliyini ilk dəfə duydum.

Burada Əliyə məxsus bir xüsusiyyəti də müşahidə etdim. Əlinin həyat yolu – orta məktəb, ali məktəb, kiçik kollektivi olan redaksiya. O, cəmiyyətin müxtəlif təbəqələri ilə, demək olar ki, az mülaqatda olmuşdu. Ona elə gəlirdi ki, yüksək mənsəb sahibləri tamamilə ayrı biçimli adamlardı. Birdən həyəcanla dilləndi:

– Nazir bizə tərəf gəlir.

Baxdım. Gələn mədəniyyət naziri Məmməd Qurbanov idi. Sayma-seçmə əzəmətli peyvənd bir şəxsiyyət idi. Gəncə Vilayət Komitəsinin orqanı "Gəncə kommunisti" qəzetində bir yerdə işləmişdik, yekə çıxmasın o, redaktor əvəzi, mən məsul katib müavini. Redaktorumuz qəzetin 2-ci nömrəsi çapdan çıxmamış dəli olmuşdu, ona görə də Az. KP Gəncə Vilayət təbliğat-təşviqat şöbəsinin müdiri olan M.Qurbanov redaktor vəzifəsini də aparmalı olmuşdu. Yaxşı mənada kitablardan gələn adamdı – nəfsi bütöv, hər mənada təmiz. Qəzeti buraxmaq üçün gecələr bizimlə bərabər ya redaksiyada, ya da mətbəədə olurdu. Əsas iş bilən və iş görən iki-üç nəfərdik. Redaktor bunu görür və qiymətləndirirdi. Nazir olandan sonra da "köhnə qvardiya" nı yaddan çıxarmırdı, mənimlə, yazı-pozumla maraqlanırdı. Hərdən şəhərə gələndə teatrda rastlaşırdıq. Demokratik adamdı, elə üz vermişdi ki, mən ona cəncəl və qəliz suallar verməkdən belə çəkinmirdim. Bir gəlişində teatr direktorunun kabinetində soruşdum:

– Məmməd müəllim, nə üçün rayonlarda mədəniyyət şöbə müdirlərinin əksəri qadındır?

– Bu ki, yaxşı göstəricidir, – dedi, – qadınların rəhbər vəzifələrə irəli çəkilmələrinə məncə sevinmək lazımdır.

– Yaxşı bəs bunların nə üçün əksəri duldur?

– Məsələn?

Mən şəhərimiz də daxil olmaqla beş rayonun adını çəkdim və əlavə elədim ki, "bu hələ mən bildiklərimdir",

– Mən buna qəti fikir verməmişəm, – dedi.

– Amma raykom katibləri yaxşı fikir verirlər.

Kimsə yavaşca pıçıldadı: "çərəzdir". Yaxşı ki, eşitmədi, yoxsa lap ağ olardı.

İndi onun bizə tərəf gəldiyini görüb mən də ona tərəf getdim.

Çox isti görüşdük. "Yazılarını oxuyuram," – dedi. Rəsul müəllimgilə gəldiyimizi bildi, görünür xoşuna gəldi, gördü ki, "əlimiz böyüklər ətəyindədir". Əli ilə tanış etdim. Adını çox eşitdiyini söylədi. Ayrılanda dedi:

– Nə işin olsa gəl.

Nazirin mənimlə belə görüşü Əliyə çox xoş təsir bağışlamışdı, üzünün işığı xeyli artmışdı. Dedi:

– Sənin yaşın çox olar.

– Mən səndən bir yox, on bir yaş böyük olaram, çünki mən on üç yaşımdan işləyirəm, yaxşı adamlar da görmüşəm, amma pis adamlara daha çox rast gəlmişəm.

– Belə olması yaxşıdır, ya pis?

– Yaxşı tərəfi də var, pis tərəfi də.

Mən hələ çox əvvəllər qət eləmişdim ki, Allah Əlini yalnız şeir yazmaq üçün yaratmışdır. Bizim borcumuz bəqədr-qüvvə ondan muğayat olmaqdır, bunu da bacara bilmədik…

Nəhayət, vaxt tamamında getdik Rəsul müəllimin bağına. Evin üst qatında, yarı açıq aynabənd kimi bir yerdə qarşılandıq. Müxəlləfatdan nikel tərəssüd borusu yadımda qaldı. Rəsul müəllim bu boru ilə ətrafı seyr eləməyi xoşlayırdı. Nigar xanım, əgər xatirəm yanılmırsa özü xörək hazırlayırdı. Mən Nigar xanımı birinci dəfə idi ki, yaxından görürdüm. Gəncəni keçmiş məhəllələrinin adları ilə xəbər alırdı: "Ozan", "İmamlı", "Şərəfxanlı", "Zərrabi", "Şahsevən", "Sofulı", "Zaqorodnı"…

Yemək masası arxasında müasir ədəbiyyatın vəziyyətinə aid çoxlu söhbətlər etdik. Söhbətlər də çox rəvan keçdi. Şər qarışana qədər də aşağıda göylükdə oturduq və nəhayət, vidalaşdıq…

İndi maşın Əlinin nəşini aparan kortecin içində Göyçaya tərəf şütüyür. Yenə müsəlmansayağı düşünürəm: "Yenə o bağ olaydı". Bəlkə ona görə ki, "Qızıl gül olmayaydı"nın müəllifi ilə bir yerdə idik. Əli də Mikayıl Müşfiqi çox sevirdi, onda cavan ölmüş şairlərə xüsusi və qəribə bir münasibət vardı: Puşkin, Lermontov, Müşfiq… Maşına bir sükut çökmüşdü. Əlinin sabahkı dəfni və Vahidin dəfninin xatirəsi beynimdə bir Fəxri xiyaban mövzusu formalaşdırmaqdadır. Satira olmalıdır. Təəssüf ki, bugünə qədər yaza bilməmişəm.

Mən belə şərəfli məsələnin şərəfsizləşdirilməsinin acısını hələ də içimdə çəkirdim. Bəzən özüm özümə təskinlik də verirdim: "Fəxri xiyabanda o qədər anasının əmcəyini kəsənlər yatır ki, nomenklatura igidləri, milliyyəti, əqidəsi naməlumlar… Bəlkə Əlinin heç elələri ilə bir cərgədə yatması məsləhət də deyilmiş. Nədir ey fəxri xiyaban?! Əlini Səhrayi-Kəbirin ən cəhənnəm guşəsində dəfn eləsələr, həmin yer dönüb fəxri xiyaban olasıdır, güllü gülüstan olasıdır. Xiyaban gətirmir başıucalıq insana, hər hansı bir yer orada yatan insana görə fəxarətlidir. Sonralar eşidəcəydim ki, Rəsul müəllim də Göyçayda dəfn olunmasını vəsiyyət edib. Bəlkə Əlinin Bakıda fəxri xiyabanda dəfn olunmamasına etiraz əlaməti kimi… Dəqiq bilmirəm, amma inanıram…

Sükutdan istifadə eləyib Əli ilə ilk tanışlığımızı xatırlamağa çalışdım. Nə illah elədimsə, bacara bilmədim, əvvəllər də çox əlləşmişdim, mümkün eləyə bilmirdim. Yeganə təskinliyim o idi ki, adam doğma qardaşı ilə də ilk tanışlığını xatırlaya bilmir. Hər halda, Əli ilə ilk tanışlığım 1955-ci ildən əvvəl olub. Bunu bir hadisə ilə müəyyənləşdirə bilirəm. Həmin il respublika gənc yazıçılarının müşavirəsi keçirilirdi, Elmi Bilikləri Yayan Cəmiyyətin binasında. Əlini artıq seçilmiş, tanınmış şair kimi, Sabir Əhmədli ilə məni isə əyalət ədəbiyyatının gənc nümayəndələri sifətində rəyasət heyətində əyləşdirmişdilər (Yəqin ki, partiyanın müvafiq qaydalarına uyğun olaraq). Tənəffüsdə fürsətdən istifadə eləyib ikisini bir-biri ilə yaxından tanış elədim. Bunun xeyri o oldu ki, Sabir Bakıya köçəndən sonra mən ikiyə bölünmək çətinliyindən xilas oldum.

Mən "Azərbaycan" jurnalı redaksiyasına tez-tez gəlirdim. O dövrdə orada işləyənlər – Böyükağa Qasımzadə, Salam Qədirzadə, İsa Hüseynov, Əhəd Hüseynov və bir də Əli Kərim. Ensiz otağa girəndə sağ tərəfdə balkonbaşı təkin bir yerdə baş redaktor, yəni Əli Vəliyev oturardı. O olmayanda normal söhbət gedərdi otaqda, amma asta səslə, çünki hər an redaktorun içəri girmə təhlükəsi mövcud idi. Əli Vəliyev gələndən sonra ölüm sükutu çökürdü otağa. Mən orada olanda bir söz demirdi. İlk dəfə əvvəllər, məni görəndə demişdi: Müəllifləri 2-dən sonra qəbul edirik. Salam isə demişdi ki, bu yoldaş rayondan gəlib, ona gərək aid olmasın bizim cədvəlimiz. Əli Vəliyev qəbul eləmişdi bunu, bir "neynək" sözü ilə. Əli Vəliyevə otaq da darlıq edirdi, vəzifə də. Vaxtilə yüz nəfərə yaxın işçisi, bütün respublikanın əhatə dairəsi olan "Kommunist" qəzetinin redaktoru olmuş, vaxtının çoxunu Mərkəzi Komitədə keçirən Əli Vəliyev üçün indiki vəzifəsi "semiçka çırtlamaq" kimi bir şey idi. Amma heç bir partiya işində olmamış işçilər üçün bura əzici pres timsalında idi. Əli Vəliyevin otağı əvvəlki kabinetinə nisbətən kiçik qəfəs yerində olsa da küçəyə, iyirmialtılar bağına geniş pəncərələri vardı. İşçilərin oturduqları otağın isə pəncərələri yoxdu, redaktorun otağından keçən işıqla kifayətlənməli olurdular, hava ilə də həmçinin… Hətta işçilərin haradan haraya keçə biləcəklərinə aid simvolik cizgi də çəkilmişdi. Bütün bunlar "əmək intizamı" naminə edilmişdi. Jurnal hər ay vaxtında çıxmalı idi, çıxırdı da, keyfiyyətə gəlincə o dövrün özünün ölçüləri var idi. Otağın "yuxarı başında" Salam Qədirzadə əyləşirdi, yenə hamıdan cəsarətli o idi. Hərdən sükutu da o pozurdu. Qalan vaxtlarda him-cimlə danışardılar. Bəzən bu kiçik otaqda məktublaşırdılar. Salamdan sonra Böyükağa Qasımzadə, Əhəd Hüseynov, İsa Hüseynov oturardılar. Lap aşağı başda Əli Kərim əyləşmişdi. Əli çox gənc idi və görkəmi ilə onların heç birinə oxşamırdı, çox kövrək görünürdü. Onlar isə bərkiyib mətinləşmişdilər, bərkdən-boşdan çıxmışdılar. Bu dəmir intizam onlara keçəri bir şey kimi görünürdü. Əli isə mənə elə gəlirdi ki, "divara dirənmiş" vəziyyətdə idi. Xoşbəxtlik o zaman baş verirdi ki, Əli Vəliyevi Siyasi Büroya (Rəyasət heyətinə) dəvət edirdilər. Mən istəyirdim ki, Əlinin arxasındakı divar yoxa çıxsın və Əli nəhayətsizliyə, sərbəstliyə qovuşsun. Əli Vəliyev "Siyasi Büro" nun iclaslarına çox böyük həvəslə gedirdi, elə bil iri bir balığı açıb dənizə buraxırdılar. O, ciddi tapşırıqlarını verməmiş getmirdi. Bütün bunlara baxmayaraq işçilər öz redaktorlarından razı idilər. Bu da, Əli demiş, "sirri-xudalardan" biri idi. Əli Vəliyev gedəndən sonra vestibülə və ya üçüncü mərtəbəyə Əli müəllimə nisbətən liberal-demokrat olan Süleyman Rüstəmin redaktor olduğu "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasına getmək olardı.

Əli ilə söhbətlərimiz müasir ədəbi proses ətrafında olardı. Əli hələ evlənməmişdi. Onun kirayə etmiş olduğu mənzili bircə dəfə görmüşdüm. Hardasa nahar etdik. Bir az içmişdik. Onu evinə aparıb özümün qaldığım otağa getmək istəyirdim. Hansı küçədə yaşadığı da yadımda qalmayıb. Keçmiş "Sovetski" küçəsindəki evlərə oxşar bir binanın yanında taksini saxladım. Pillələrlə kiçik balkona oxşar bir yerə qalxdıq, qarşımıza Əlinin anası Gülzadə xala çıxdı. Çox təkid etdilər ki, qalım. Əlinin "bir az pivə içək" sözündən qorxdum. Taksini yola salmaq adı ilə aşağı endim, Əliyə əl edib getdiyimi bildirdim. Qışqıra-qışqıra qaldı…

Həmin səhnə bu gün də olduğu kimi gözlərimin önündədir və Əlinin məni haraylayan səsi də qulaqlarımdadır. İndi bu qəm karvanı ilə Göyçaya getdiyimiz anlarda mən yenə Əli ilə tanışlığımızın başlanğıcını arayıram. Tanışlıq və yaxınlıq Əlinin özündənmi başladı, yoxsa şeirlərindənmi? Ola bilər ki, biri əla sənətkardır, ancaq xasiyyətinin bir yönü onun insanlarla yaxınlıq etməsinə mane olur. Həyat əlvan və mürəkkəbdir. Bunu əlbəttə, Əliyə aid etmək qətiyyən olmaz, Əlinin özü də, xasiyyəti də ən ülvi şeir qədər gözəl idi, Əli təpədən dırnağa poeziya idi. Azərbaycan poeziyasına Əli ilə bərabər pak, müqəddəs bir insan və misilsiz bir şair daxil olmuşdu. Maşındakı söhbətlərdə gərək ki, Tofiq Bayram Əlinin poeziyasından danışarkən ən çox "Qaytar ana borcunu" şeirinin adını çəkirdi. Bu da səbəbsiz deyildi. Fakt odur ki, Azərbaycan poeziyasında gənc bir vulkan püskürtüsü baş vermişdi. Əli heç bir "canlı klassikin" xətrinə dəymədən, onların yaradıcılığına heç bir irad tutmadan özünün təptəzə sözünü demişdi. Siyasi, konyunktur mövzulardan uzaq olan, qaçan Əlinin şeirlərinə irad tutmaq da mümkün deyildi. Zahirən moralistik əsərləri yada salan, batində isə bədiiyyat baxımından, od, atəş olan şeirlər Əlinin sualtı qayalara toxunmadan nisbətən sərbəst üzməsinə kömək edirdi. Bədii səviyyəcə demək olar ki, eyni olub yüksəkdə dayanan bu şeirlərin içərisində oxucu auditoriyası baxımından ən üstün yer tutanı "Qaytar ana borcunu" idi. Bu ədəbiyyatımızda təzəmi mövzu idi? Qətiyyən yox! Bəşərin yaranışından, əvvəlcə instinktiv, intuitiv mövcud olan bu mövzu dini-fəlsəfi, etik-estetik formalaşmasından sonra özünün ƏZƏLİLİK mövqeyini müxtəlif formalarda mühafizə etmişdir. İnsanın real gerçək həyatda başına gələnləri müxtəlif yozumlarda əks etdirən dinin özü belə birbaşa ana mövzusunu ən yüksək məqamda saxlamağı vacib bilmişdir. Əslində dini təfəkkürə görə insanlığın, bəşəriyyətin küll halında ilk yaradıcısı anadır – Həvva ana. O, məhz o, bəşəriyyəti bir küll halında yaratmağın məsuliyyətini böyük cəsarətlə öz üzərinə götürmüşdür. Allahın yaratdığı Həvva ana yer kürəsindəki bütün irqlərin anası olmaqla ikinci Allah məqamında durur. Lakin ana Həvvanın bir tragik günahı var – o Allahın tövsiyəsinə əməl etməmişdir və nədənsə müqəddəs ananın bu "tragik günahı" daha çox vurğulanır. Burada da kişilərin bəxti gətirmişdir. Titan (yəni yarımallah) Prometey bu gün-sabah allahlar cərgəsinə keçəcəyinə baxmayaraq, allahlar allahı Zevsin dərgahından odu oğurlayıb insanlara işıq və isti bəxş etmişdir və onun bu qəhrəmanlığı dillər əzbəri olmuş və dönəm-dönəm vəsf edilmişdir. Həvva ana isə bəzi hallarda, bəşər yaradıcısı olduğu unudularaq ehtirasda günahlandırılmışdır. Onun və Adəmin cənnətdən qovulmasını məhz ehtirasla izah etməyə cəhd göstərmişlər. Yəhudi əsatirinə və ya onların müqəddəs kitablarına görə Allah Adəm və Həvvaya cənnətin ortasında bitən ağacların meyvəsindən yeməməyi tövsiyə edib və deyib ki, onlara toxunmayın, yoxsa ölərsiniz. Əslində bu müqəddəs bir yalan idi. İlan Həvva ananın gözlərini belə açır: "Allah bilir ki, həmin meyvələrin dadına baxan gün sizin gözləriniz açılacaq və siz də allahlar kimi xeyirxahlıqla bədxahlığın nə olduğunu biləcəksiniz". Dərd çəkməyin hesabına belə hər şeyi bilməyə, anlamağa güclü həvəs (ehtiras deyil, həvəs), idraki ehtiyac Həvva ananı həmin meyvələrdən yeməyə həvəsləndirib. Göründüyü kimi, cənnətdən qovulmaq təhlükəsi belə onu yolundan döndərə bilməyib. Prometey də insanlara idrak rəmzi işıq verib. Həvva ana isə bəşəriyyətə idrakın özünü bəxş edib, o, insanlara dərk etmək xoşbəxtliyi və anlamaq dərdini bir yerdə verib (Görünür, Allahın Adəm və Həvvaya yazığı gəlirmiş, ona görə idrakı ağır dərd yükü kimi yalnız özünə və dərgahındakı başqa ilahilərə qıyırmış).

Zaman keçdikcə allahlardan fərqli insanlar Həvva ananın dünyadakı yerini və mövqeyini daha dürüst müəyyənləşdirməyə başlamışlar, Adəmin öz arvadına verdiyi adın əsl mənasını (Həvva həyat deməkdir) dərindən dərk etmişlər. Tarix boyu insanlar ananı müqəddəsləş- dirmiş, ona Allahın qovduğu maddi cənnətdən daha gözəl mənəvi cənnət yaratmağa çalışmışlar. Bəzən özünün ölümü hesabına həyata yeni bir insan gətirən ana müqəddəslər müqəddəsinə çevrilmişdir. Bəşəriyyət yaranandan onun ilk mövzularından biri anaya münasibətdir. Şifahi xalq ədəbiyyatı, müxtəlif dinlər anaya məhəbbəti çox müxtəlif formalarda təbliğ, təşviq etmişlər. Bu mövzu klassik sənətkarlar tərəfindən də mütəmadi işlənmişdir. Moralistik məktəb ədəbiyyatının baş mövzusu anaya məhəbbət mövzusu olmuşdur. Peyğəmbərlər də ən gözəl sözlərini ana haqqında söyləmişlər.

Burası da aydındır ki, bir fikir, bir mətləb yeri gəldi-gəlmədi nə qədər çox vurğulanarsa, axırda quru nəsihətə çevrilə bilər. Anaya olan sitayiş, pərəstiş bu mövzunu bütləşdirməyə başlayır, anaya olan canlı, isti münasibət get-gedə adətə, vərdişə çevrilib mexanikləşir. Halbuki həm görünməz, əlçatmaz ilahə mövqeyində olan ana o biri ilahilərdən fərqli olaraq hər gün, hər saat, hər dəqiqə insanlarla bir yerdə, bəşərin qalan üzvləri ilə nəfəs-nəfəsədir. Ona görə də gözə görünməzlərə olan vərdişləşmiş sitayişdən fərqli anaya canlı münasibətə daim güclü ehtiyac hiss olunmuşdur. Dünya yaranandan anaya məhəbbət uşaqlara fasiləsiz təlqin edilir, istisnasız bütün dinlər, rəssamlıq, musiqi, ədəbiyyat, hamısı, hamısı ananı sevməyə çağırır. Mövzu bütləşir, ehkamlaşır, əzbərlənmiş, lakin təsir qüvvəsi olmayan ehkam isə böyüməkdə olan yeni nəslə bir şey verə bilməzdi. Əli bəlkə də deyilməkdən az qala kəsərini itirmiş bir mövzunu yenidən ovxarlayıb meydana gətirdi. Əli qurudulmuş, muzeyləşdirilmiş, ehkamlaş-dırılmış əbədi bir mövzunu yenidən dirildib, ona təzə qan, təzə nəfəs verərək həyata qaytarmışdır. Əlinin dilindən çıxan, Əlinin nəfəsi ilə sehrlənən sözləri eşidənlər ayaq saxlayıb doğulduqları gündən eşitdikləri kəlamların mənasına dalmağa başlamışlar. Əli ana mövzusu üçün heç də yeni bir süjet axtarmamış, əvvəlki ifadələrin deyim tərzini dəyişdirmiş, həmişə həlim, sakit tonda deyilən, bir qədər, hətta laqeyd səslənən fikirlərə canlı hissiyyat, canlı duyğularını qatmışdır. Anaya məhəbbətə çağırış hökmlə, qəzəblə səslənməyə başlamışdır. Ana mövzusu isə adətən həmişə bir həlimlik xoşlamışdır. Ümumiyyətlə, bədii kəşflər müəmmalarla bağlıdır. Əlinin lap yaxınlığında olan bu bədii üsulu, bu kəşfi tapmaq üçün şair hansı əzablı axtarışlardan keçməli olmuşdur?

"Qaytar ana borcunu" nun misraları arasından qığılcım səpələnir, od-alov, şəfəq saçılırdı. Bu indi şeir deyildi, mahnı deyildi, romans da deyildi. Bu, tamamilə yeni rəngli səslərdən hörülmüş güclü, sağlam bir simfonietta idi. Əli bədii ədəbiyyatın ən qədim mövzusunu tamamilə təzə-tər şəkildə müasir oxucularına təqdim etmişdi. Təzə temanın dalında, arxasında gizlənməyə nə var ki? Bunu çox görmüşdük.

Əli mövzunu qəzəbli bir xitabla təqdim edir. Nankor övlada yalnız bu cür müraciət etmək olar. Lakin bu nankor bizim indiyəcən tanıdıqlarımızdan fərqli olaraq "atlını atdan salıb küləklərlə ötüşən", "baxışından qızların ürəyinə od salan", "instituta qızıl medalla girən" bir oğlandır. Bu "yeni" oğlan ali məktəbi bitirir, evlənir və anasını unudur, onun məktublarını cavabsız qoyur. Müəllif öz qəzəbli xitabı ilə ana zəhmətinin mənasını açır, bunu qaytarmağın qeyri-mümkünlüyünü göstərir:

 
Ana oğul böyütdü gur çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün,
Qaytar onun saçının qaralığını geri,
Qaytar o dilindəki şirin-şirin sözləri!..
…Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha.
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!
… Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu,
O borc sənin özünsən, özünü qaytar geri.
 

Olur ki, hər hansısa bir əsər ədəbi mühitdə səs çıxarır, cəmiyyətinsə əsas hissəsinə naməlum qalır. "Qaytar ana borcunu" əsəri ədəbi mühitin divarlarını uçurub cəmiyyətin genişliyinə çıxmışdır. Qətiyyətlə demək olar ki, bu şeir son yarım əsrdə azərbaycanlı gənclərin çoxunun əxlaq tərbiyəsində böyük təsiredici qüvvəyə malik olub.

Əli ilə mənim aramda yaranan münasibətləri təkcə sənətlə bağlamaq düzgün olmazdı. Bu münasibətlərin əmələ gəlməsi bəzən izahı çətin və ya qeyri-mümkün olan mətləblərlə bağlıdır. Deyiblər ki, qardaşı və başqa yaxın qohumları seçmək insanın öz əlində deyil, ancaq dost seçmək onun öz ixtiyarındadır. Lakin dost da rast gəlmək-nəndir. Əvvəlcə mən bilmirdim ki, Əli ilə tanışam, yoldaşam, yoxsa dostam. Mən hər dəfə Bakıya gələndə qalacaq yerimi müəyyənləşdirdikdən sonra birbaşa Yazıçılar İttifaqına gedərdim. Bir müddətdən sonra içəri girəndə asılqanda dayanan saçları qırmızı rənglə boyanmış rus qadını dedi:

– Bilirsinizmi, Əli Kərim hələ gəlməyib.

Nədənsə buna elə bir məna vermədim. Bir də gələndə dedi:

– Əli yuxarıdadır.

Bir dəfə isə:

– Əlinin kiçik oğlu Azik xəstədir, olsun ki, Əli bu gün heç gələ bilməyəcək.

Yavaş-yavaş özümə sual verməyə başladım: "Axı bu qadın nə bilir ki, mən məhz Əlinin yanına gedirəm. Yuxarıda katiblər var, iki redaksiya var, məsləhətçilər var, müəllif hüququnu qoruyan idarə var, partkom var, mühasibat var, kassa var. Doğrudan da mən bəzən müxtəlif yerlərdəki işlərimi görəndən sonra Əli ilə görüşürdüm. Bu nə idi?" Hələ asılqanda dayanan bir yana, qoca xadimə Vera da xəbər alardı: "Əli ilə görüşmüsənmi?" Üstəlik arxivdə işləyən Zina da. Bir çox qələm yoldaşlarım Bakıda, təkrar edirəm, Bakıda məndən xəbər alardılar ki, "Əli necədir?", "Təzə nə yazır?" və sair və ilaxirə… Acığım tutardı çox vaxt, öz-özümə deyinərdim: "Əli Bakıda, sən Bakıda"… Ancaq qəribə, izahı çətin bir duyğu da keçirdi içimdən: "Bəlkə bu çox gözəl bir əlamətdir".

Redaksiyaların birində vaxtilə Əli ilə yanaşı olmuş şair işləyirdi. Məni görəndə Əlini soruşar, sonra onu tərifləməyə başlardı. Əli mənə məlum olmayan səbəblərə görə danışdırmırdı onu. Mən başa düşürdüm ki, o, Əlini ona görə tərifləyirdi ki, o gözəl təriflərini sahibinə çatdırım. Mən də çatdırırdım, istəmirdim ki, Əli tək olsun, ətrafında dost-tanışın çox olmasını istəyirdim. Əlinin etibarlı dost-tanışa ehtiyacı çox idi. Əli mənim vasitəmlə ünvanına deyilmiş sözləri yüngül bir istehza ilə qarşılayardı. Ancaq heç nə deməzdi. Axı belə bir ifadə var: "Salam göndərən də sağ olsun, salam gətirən də". Amma Əli tərif göndərənlə barışmırdı ki, barışmırdı. Sonralar başa düşdüm ki, Əli haqlıdır. Danışanda az qala kövrəlib ağlamaq həddinə düşən bu adamın hər şeyi təpədən dırnağacan saxta imiş, Əlinin ən qəddar bədxahlarından biri imiş. Əlidən danışanda gözləri sopsoyuq şüşəyə dönürdü. Arağı üfürə-üfürə içən, üstündən qoxu gəlməsin deyə sen-sen atan bu vəzifə ölüsü başdan-başa maska imiş, vəssalam! İçi də həsəd və paxıllıqla dolu olan bu şəxs Əlinin vəfatından sonra onun övladlarının uğurlarına da qısqanacaqdı, görünür. Əli onu vaxtında tanımışdı. Əlinin paxıllığını çəkən çox, büruzə verən yox dərəcəsində idi. Ümumiyyətlə, həsəd və paxıllıq insan xilqətində əzəli mahiyyət daşıyır. Məhz bu ibtidadan olmuş deyə ilahilər, peyğəmbərlər insanları daima bu xislətdən təmizlənməyə çağırmışlar, bunlar insanların artmasında, yüksəlməsində mühüm rol oynayan qibtə hissinə yaxın olduğundan, bunları bir-birindən ayırmağın çətinliyindən insanlarda qalmaqda və müxtəlif fəsadlar törətməkdə davam etməkdədir. Təbii ki, bu xislət incəsənət adamlarında daha tez büruzə çıxır, elə bil bu xislət onların lap selikli qişalarındadır. Bu daha çox az istedadlılarda və ya yarım istedadlılarda özünü daha qabarıq büruzə verir. Güclü, qüdrətli istedada malik olanlar isə bu xislətdən azaddırlar, çünki onlar özlərinə arxayındırlar. Paxıllar ilk zərbəni özlərinə vururlar, içəridən özlərini mütəmadi ova-ova dururlar. Ancaq öz həsəd obyektlərinə də müxtəlif üsul və yollarla dəhşətli zərbələr vura bilirlər. Əlinin hər yeni şeiri ədəbi ictimaiyyətdə yaxşı mənada uzun-uzadı söhbət mövzusuna çevrilirdi. Gizli rəqiblərin gözləri üşşələnməyə başlayırdı. Mən Mosart və Salyeri əhvalatına inanmıram. Lakin bu əhvalat özlüyündə incəsənət aləminin vəziyyəti barədə təsəvvür hasil etmək üçün imkan verir. Ədəbiyyatda və incəsənətdə salye-rilik mövcuddur, lakin günahkar olduğuna inanmadığım bir şəxsin adını əvvəlcə bu mənfi məfhumla bağlamaq istəmirdim. Yadıma düşəndə ki, ən dəhşətli vərəm mikrobunu onu kəşf edən alimin adı ilə "kok" adlandırıblar, şübhələrim sovuşdu. Əliyə qarşı gözəgörünməz, əllə tutulmaz bir kollektiv salyerilik mövcud idi. Bu ona olan haqsız münasibətlərdə büruzə çıxırdı. Onun bədxahları heç bir irad tapa bilmədiklərindən xoşlanırdılar ki, adı heç olmasa "içənlər" siyahısında olsun. Halbuki onlar daha çox içir və üstən dediyim kimi iy gəlməsin deyə "sen-sen" atırdılar. Əli isə içkini də kişi kimi içirdi, sen-sensiz filansız. Düzmü eləyirdi Əli, yoxsa düz eləmirdi? Bu ayrı məsələdir. Bunun açarı və cavabı onun "Ürək güzgüsü" pyesindədir.

Əlinin xeyirxahları da elə ədəbi ictimaiyyətin içərisində çox idi. Heç yadımdan çıxmır, günlərin birində yolum "Azərnəşr"ə düşdü. Bədii ədəbiyyat şöbəsində oldum, öz işlərimlə bağlı məsələ ilə maraqlandım. Xudahafizləşib getmək istəyəndə şöbə müdiri Həsən Mehdiyev xahiş elədi ki, koridorda onu gözləyim. Gözlədim, bir-iki dəqiqədən sonra çıxdı və təxminən bunları dedi:

– Mənim sizdən ilk baxışda qəribə görünə bilən bir xahişim olacaq. Biz hamımız Əli Kərimi çox istəyirik, onun bizim nəşriyyatın müəllifləri sırasına daxil olması da çox sevindirir. Təzə kitabını plana daxil etmişik – Həsənin dedikləri, əlbəttə, məni çox sevindirirdi, ancaq ediləcək xahişin nədən ibarət olacağını heç cür təsəvvürümə gətirə bilmirdim.

– Məsələ burasındadır ki, Əli nəşriyyata yaxın gəlmir, neçə dəfə sifariş göndərmişik, bir neçə dostundan xahiş etmişik, gəlmir ki, gəlmir. Qorxuram gələn ilə keçə kitab. Bilirəm ki Əli ilə yaxınsınız, sizi eşidər. Ona görə sizə müraciət eləməyi münasib bildim, əgər mümkündürsə…

Yaxşı xəbər üçün təşəkkür edib birbaşa Əligilə getdim. Çətinliklə yola gətirdim. Deyirdi ki, "bir özgə vaxt gedərəm, hələ otur bir söhbət edək". İş söhbətlik deyildi, təkid etdim və birtəhər razı saldım. Elə ki, çatdıq "Azərnəşr"ə, Həsən Mehdiyev sevindiyindən bilmədi neyləsin.

– İndi gedim Qılman müəllimin yanına, – gülə-gülə əlavə elədi, – kişini muştuluqlayım.

İş yenə dolaşdı, Əli mənə dedi:

– Qılman müəllimin yanına bərabər gedək.

– Nəyə görə, mənlik heç bir iş yoxdur.

– Sənsiz getməyəcəm.

Öz-özümə bir "Allahü əkbər" dedim. Qılman İlkin Əlini çox yaxşı tanıyırdı. "Azərbaycan" jurnalının redaktoru olmuşdu, ona mehriban münasibət göstərmişdi, təbii ki, indi nəşriyyat planında olan kitabın səbəbkarlarından biri də baş redaktor kimi onun özü idi. Mən onun yanına Əli ilə bir yerdə getməyə heç bir səbəb və ehtiyac görmürdüm. Ürəyində də olsa deyə bilərdi ki, "sənlik nə iş var burada". Həsən Mehdiyev çağırdı bizi. Əli qolumdan buraxmadı. Düz qapının ağzınacan getdik, qapı açılan kimi Əlini içəri itələdim, qapını da tez çəkdim. "İlahi bu nə xasiyyətdir Əlidə? Utanırdımı? Axı nəyə görə, əla şeirlərinə görəmi? Axı bu qədər utancaqlıq, ürkəklik haradan idi belə bir zəmanədə Əlidə? Hələ bu harası imiş?". Təxminən yarım saatdan sonra Əli və Həsən baş redaktorun otağından çıxdılar. Görünür, uzun müddət görüşmədikləri üçün Qılman müəllimin əhvalpürsanlığı uzun çəkmişdi. Amma Əlinin sifətindəki bəxtiyarlığı təsvir etmək çox çətindir. Qucaqladı məni, "sən olmasan, gələsi deyildim bura, heç bilirsən nə oldu?"

– Nə oldu?

– Bir manat otuz qəpikdən bağladılar mənimlə müqaviləni, yaşıdlarımla hər saat belə olmur.

– Çox azdır, – dedim, – ən yüksək qiymətlə bağlanmalı idi səninlə müqavilə.

– Nə danışırsan, – dedi, – mən hələ o həddə çatmamışam. Çox sağ olsunlar, mən çox razıyam.

– Əli! – dedim.

– Hə, – dedi.

– Hən – de! Hən sözünü Əbülhəsənin leksikonundan götürmüşdük.

– Hən! – dedi.

– Sənin yaxandan tutub bərk-bərk silkələmək lazımdır.

– Xeyri yoxdur, – dedi.

Düz dedi. Bu biclər dünyasında onun axırı necə olacaqdı Allah.

Bu hadisəni xatırlayıram, yenə Həsən Mehdiyevin xeyirxahlığı ön plana keçir. Bəli, Əlinin xətrini istəyənlər də çox idi, dünya xali deyildi.

Bu qəm karvanı Göyçaya yürüdükcə olmuşlar-keçmişlər bir-bir yadıma düşürdü. Rəsul müəllim söhbətarası Əlinin "Daş" şeirinin də adını çəkdi, onu fəlsəfi poeziya nümunəsi adlandırdı. "Daş" şeiri mənə bir xeyirxahı da xatırlatdı. Əlini sevən və yaradıcılığını həssaslıqla izləyən sənətkarlardan biri də şair Qasım Qasımzadə idi. Qasım Qasımzadə ədəbiyyata öz gücü, öz istedadı və şəxsi insani keyfiyyətləri ilə gəlmişdi. Mətbuatın və kitab nəşrinin qıt olduğu bir vaxtda "Azərbaycan gəncləri" qəzetində bədii ədəbiyyat bölməsinə başçılıq edirdi. O zaman az-çox istedad işartısı olan cavanların yazılarının işıq üzü görməsində onun halal zəhməti böyükdü. Redaksiyaya sel kimi axan qafiyəli yazıların içindən ümidvericilərini arayıb-axtarıb üzə çıxarmaq müşkül iş idi. Və Qasım müəllim bu ağır zəhmətə qatlaşırdı, o zamanın gəncləri də Qasımın xətrini çox istəyirdilər. Günlərin bir günündə Qasım müəllimi "Ədəbiyyat və incəsənət" qəzetinə redaktor təyin elədilər. Və bu gündən onun əzabı qat-qat artdı. Bu həmin dövr idi ki, çalpapaqlarla qalstuklular arasında ciddi mübarizə gedirdi. Aydındır ki, bu süni şəkildə yuxarıdan, AKP MK tərəfindən yaradılmışdı. Qalstuklular çalpapaqları yalançı xəlqilikdə, çalpapaqlar da onları xalqdan, millətdən uzaq düşməkdə ittihamlandırırdılar. Bu xəstəlik incəsənətin başqa növlərinə də sirayət etdirilirdi. Çalpapaqlar Qasımı ərklə özlərininki bilirdilər. Qasım isə o zaman sübut elədi ki, onun üçün əsas meyar gözəl sənət nümunəsidir, ümumi xalq mənafeyidir. O, Qara Qarayevə də, Fikrət Əmirova da eyni hörmət, eyni məhəbbətlə yanaşır, onların yaradıcılıqlarını da eyni ehtiramla təbliğ edirdi. Və onu "özününkü" hesab edən çalpapaqların rəyi xilafına Qasım Qasımzadə o zaman altından çətin çıxılası bir igidlik də edib – Rəsul Rzanın "Qızılgül olmayaydı…" poemasının çapına nail olub. O, "yenidənqurma" nı gözləmədən, ən çətin məqamda Dərbənd dərdinə dair yazı vermişdi və başı da çox bəlalar çəkmişdi. Qasım şairliyindən daha çox yazıçılara və bütün incəsənət adamlarına hava, su kimi gərək olan ictimai xadim idi. O çox hallarda öz şairlik sənətini bu ictimai xadimlikdən doğan vəzifələrə qurban da verirdi. Qasım müəllimin bütün yaşıdlarıma köməyi dəyib. Yol gedə-gedə bütün bunları Qasımın Əli haqqında dediyi bir neçə səmimi və qiymətli sözlər üçün xatırladım.

Bir gün səhər-səhər Yazıçılar İttifaqının qarşısında rastlaşdıq. Xəbər aldı:

– Əlinin təzə şeirini oxumusanmı, "Daş"ı deyirəm.

– Oxumuşam, – dedim.

– Əladır, – dedi. – Özün bilirsən bizdə şeir yazan çoxdur, yaxşı şeir də, yaxşı şair də az deyil, – gülümsündü, – mən özüm də hərdən yazıram. Amma bunu sənə deyirəm – həmişə bir adamın, bir şairin yolunu gözləyirəm, o da Əli Kərimdir. Onun təzə şeirini çap etməyi özüm üçün xoşbəxtlik hesab edirəm.

Bilirdim ki, Əlini ən çox sevən şairlərdən biri də Qabildir. Ancaq nə illah eləyirəmsə onunla bağlı bir xatirəni də yada sala bilmirəm, yəqin o özü yazar gələcəkdə…

Nədənsə mənə elə gəlirdi ki, Əlini müəyyən kəslərdən qorumaq lazımdır. Bu bəlkə də səbəbsiz deyildi. 1960-cı ilin sentyabrında teatrşünas İnqilab Kərimov Gəncəyə "Həmyerlilər" tamaşasını Mədəniyyət Nazirliyi adından qəbul etməyə gəlmişdi. O da Əli ilə yaxından tanışdı, yerli idi, həm də "azarkeşiydi" onun. Tənəffüsdə İnqilab məni bir tərəfə çəkib Əlidən salam söyləyərək dedi:

– Əli əmək haqqını alıb uşaqlar üçün bazarlıq etməyə gedərkən cavanlardan bir-ikisi ona ilişib, istiqamətini ayrı səmtə salıblar, onların dilini sən bilməzsən, necə içmişdilərsə Əlinin cibində uşaqlara meyvə almağa bir şey qalmamışdı, elə hey deyirdi: "Altay burada olsa, qoymazdı". Bu söz mənə çox təsir etdi, onu da dedim ki, tək mən nə edə bilərəm, özüm uzaqda, Əlini biz hamılıqla qorumalıyıq. Amma qoruya bilmədik.

İnqilabın sözləri elə bil mənə xüsusi səlahiyyət vermişdi. Mən Əli ilə ərklə danışa bilərmişəm.

İl də yadımdan çıxıb, ay da. "Azərbaycan" jurnalının redaksiyası İttifaqın üçüncü mərtəbəsində yerləşmişdi. Vestibüldə həyət tərəfdəki kiçik aynabənd kimi yerdə Əli ilə söhbət edirdik. İçəri iri gövdəli qarabəniz, qara bığlı bir oğlan daxil oldu, Əliyə yaxınlaşdı, birbaşa dedi:

– Üzr istəməyə gəlmişəm, həm öz adımdan, həm də qardaşımın adından. Zəhmət olmasa, bir bu tərəfə keçək.

Əli könülsüz də olsa durdu. "Ədəbiyyat və incəsənət" redaksiyasının aynabəndinə keçdilər. Kim idi o cavan indi də bilmirəm, yazıçılardan birinin arvad qohumlarından olduğunu eşitdim, adı da yadımda qalmayıb. Aralarındakı incikliyin harada baş verdiyini də bilmədim. Çox yaxşı və səliqəli geyinmişdi. Varlı-hallı ailədən olduğu da hiss edilirdi.

Nəhayət, qayıtdılar. Elə bil ki, Əlinin könlünü almağı bacarmışdı. Mən də ürəyimdə razı qalmışdım. İstərdim nə Əli kimsədən narazı olsun, nə də kimsə ondan…

Əli deyəndə ki, yeməyə gedək, dəvət eləyirlər, bərk əsəbiləşdim.

– Hələ saat on iki də yoxdur, – dedim.

– Biz ora çatanda on iki də olar, bir də, – oğlan dilləndi.

– Mənim burada işlərim çoxdur, gedəsi deyiləm.

Əli dedi:

– Onda mən də getmirəm.

Oğlan başladı xahişə, hətta yalvarmaq dərəcəsinə çatdı:

– Bu gün mənim üçün əziz gündür, xahişimi yerə salmayın.

Çox üzdən-gözdən salandan sonra, axır ki, razılaşdıq.

"Liman" restoranının bufetinə gedəsi olduq. Yarım litr araq sifariş verdi, yüngülvari qəlyanaltı. Mən tanımadığım adamla çörək yeməkdən daim çəkinmişəm, xüsusilə içki olan yerdə. Gəlməyimə də peşmandım. Məclisin müxtəsər olub tez qurtarmasını istəyirdim. Oğlan arağı üç qalın çay stəkanına əndərdi. Sonra dostluqdan, insaniyyətdən, sədaqətdən yorulmadan uzun-uzadı danışmağa başladı. Bu məqamda o, tamadaya daha çox oxşayırdı. Bircə onu fikirləşirdim ki, tez duraq ayağa. Stəkanlardakı araq qurtarmaqda idi. Birdən qalxıb ikinci şüşəni gətirdi. Hər ikimiz etiraz etdik, mümkün olmadı, "hara tələsirik ki?" – dedi. Eyni qaydada şüşədəki arağı üç yerə böldü. Nə ədəbiyyatdan, nə incəsənətdən, nə mədəniyyətdən bir kəlmə söhbət getmirdi. Əsəblərim hədsiz gərilmişdi. Nə isə bir sağlıq dedi, hərəsi bir az içdi, məndən xəbər aldı:

– Siz nə üçün içmirsiniz?

– Ürəyim istəmir.

– Əşi ürək nəçidir, tullayın getsin.

Mən araq stəkanını götürüb acıqla sement döşəməyə çilədim.

– Neylədiniz? – dedi.

– Tulla dediniz, xahişinizə əməl elədim.

Əli ayağa durdu.

– Daha bəsdir, gedəyin, – dedi.

Oğlan nə qədər təkid etdisə çıxdıq. Arxamızca gəldi, "heç yaxşı olmadı", – dedi.

– Bəlkə də lap yaxşı oldu, indi gedib işimizin davamını görə bilərik.

Bir təhər aralandıq. Xoşbəxtlikdən Əli razı qalmışdı.

Əli iç dünyasına tez-tez qapılırdı. Bu onun yaradıcılığı ilə bağlı təbiətinə məxsus bir keyfiyyət olmalı idi. Elə bil bir sıra məqamlarda ətraf mühitlə əlaqəsi tamam kəsilirdi. Qabaq-qabağa əyləşib çay içdiyin məqamda birdən-birə sənə elə gəlirdi ki, Əli yanından yoxa çıxıb, heç həniri də gəlmir. Gözləri məchul bir nöqtəyə zillənirdi, ətrafında heç kəsi görmür, heç kəsin səsini eşitmirdi. Bu məqamda amansız ilham pərisi görəsən onu haralara dartıb aparmış olurdu? Əli həm yaxında, lap yaxında idi, həm də məkan və zaman baxımından lap uzaqlarda. Onun ruhi dünyası varlığından qopub getmiş olurdu. Hara? Bəlkə əzaları hissə-hissə doğranan, qolları kəsilən Babəkin, yaxud da dərisi soyula-soyula can verən Nəsiminin yanına…

İllər keçəndən sonra bu "yoxaçıxmaların" səbəbini dərk etməyə başlayırsan. Ancaq bilirsən ki, Əlinin poetik xəyalı getdiyi yerdən boş qayıtmayacaq, bizlərə nə isə yeni bir şedevr gətirəcək. Mən şairlərlə də müsahib olmuşam nasirlərlə də, bəstəkarlarla da, rəssamlarla da, heç birində belə "yoxaçıxma" əlaməti müşahidə eləməmişəm. Əlidə belə məqam bəzən hətta bir neçə dəqiqə çəkirdi.

İlk dəfə hətta, deyəsən, inciyəntəhər də oldum, yəni "məni burada qoyub haralara getmisən?" Lakin o ilk "qayıdışı" zamanı olduqca yazıq bir görkəm aldı, az qala yalvarışla "bağışla" deyə üzr istədi. Sonralar mən onun bu "yoxaçıxmalarını" maraqla seyr edirdim. Bu prosesdə onun siması tam aydınlığı ilə görünürdü, elə bil onun sifətini əhatə edən şəffaf zənn etdiyimiz hava da yoxa çıxırdı.

Əli gerçək dünyadan daha çox şeir dünyasında olub orada əlləşməkdə idi. Elə bil onun həyatında tarazlıq pozulmuş, şeir – zəhmət, özü də ağır zəhmət, insanı gilə-gilə əridən (günlərini yandırıb kül edən) zəhmət dünyası Əlini çəkib aparmışdı. Əlinin çox işləməyi çox yazmaq kimi qəbul edilməməlidir. Gerçək normal yaşayışından belə ölçüyə gəlməz dərəcədə uzaqlaşmaq Əliyə sonsuz zövq və ləzzət verməklə, bəlkə bizim gücümüzün, dözümümüzün tab gətirə bilməyəcəyi bir əzab, əziyyət də verirdi. Mənə belə gəlir ki, Əlinin daxili dünyasında daim gərgin, çətin və ağır poetik iş gedirdi. Başqa sənətkarlarda müəyyən fasilələrlə gedən bu proses Əlidən bir anlığa belə əl çəkmirdi (Bəlkə Əli özü də ondan əl çəkmək istəmirdi, bunu bir Allah bilər). Elə bil sonsuz dərəcədə gözəl və eyni zamanda amansız olan ilham pərisi öz nəştərlərini Əlinin ruhuna, damarlarına keçirib varlığındakı bütün həyat şirələrini fasiləsiz sorurdu. Buna qatlaşma hədsiz dərəcədə çətin idi.

Bəlkə mən səhv eləyirəm, bəlkə bu mənim Əliyə olan münasibətimdən doğur, bəlkə mən onun bəzi zəifliklərinə bəraət qazandırmaq istəyirəm, bəlkə mən Əlini hələ o illərdə dərk etməyə çalışanda bu qənaətə gəlirdim ki, bəlkə içki Əlini ilhamın sevinc və əzablarına artıq dözmək mümkün olmayanda, onu müvəqqəti də olsa "normal", adi həyata qayıtmaq vasitəsinə çevrilirdi.

Əli səndən ayrılanda, uzaqlaşanda bilirdin ki, daxilində nə isə bir təlatüm var. Əli sənin yanında əriyirdi, gilə-gilə əriyib şeirə çevrilirdi.

Əlinin daima yaradıcı əmək prosesində olması elə proses idi ki, onu real gerçək aləmdən gözəgörünməz məsafədə aralayırdı, gündəlik həyat, məişət problemlərindən uzaqlarda saxlayırdı.

Əli onunla təmasda olanların hamısının təmizliyinə, səmimiliyinə inanırdı, bunları sınağa çəkməyə onun nə vaxtı vardı, nə də həvəsi.

Əli ilə yaxınlıq etmək istəyənlərin sayı çoxdu. Təbii ki, o da öz xasiyyətinə uyğun, estetik baxışları yaxın olan adamlarla təmasa daha çox meyilli idi.

Əli Kərimin yaxın həmsöhbət olduğu şəxslərdən biri tənqidçi-ədəbiyyatşünas İslam İbrahimov idi. O, uzun müddət Moskva ədəbi mühitində dolaşmış, müasir ədəbi prosesdən yaxşı baş çıxaran, Qərb ədəbiyyatının ən yeni nailiyyətləri ilə tanış bir ədib idi. Hətta İttifaq ierarxiyasına daxil olan "qolçomaq" ədiblər də ondan ehtiyatlanırdılar.

İslam İbrahimov yaranmış vəziyyətdən istifadə etməyi də bacaran idi. Bir də gördüm həmin yazıçılardan birini xoşhallandırmaq üçün onun yazılarını Avropada dəbdə olan müasir cərəyanlardan biri ilə müqayisə etdi. Bu, rəsmi yazıda yox, adi söhbət, danışıq əsnasında olduğu üçün xatasız idi və yazıçı həqiqətən də ləzzət ala bilirdi. Onlar günlərin bir günü İslamın Moskva mətbuatında yaradıcılıqları barədə xeyirxah bir məqalə ilə çıxış edəcəyinə də ümid bəsləyirdilər. İslam cəncəl gündəlikli iclaslarda rəhbərliyin xeyrinə hökmlə replikalar da atırdı, bu, onun ovqatı ilə bağlı idi, lazım gələndə rəhbərliyə xoş gəlməyən sözlər də deyə bilərdi.

Belə yadıma gəlir ki, onu nə vaxtsa "Azərbaycan" jurnalı redaksiyasına tənqid və ədəbiyyatşünaslıq şöbəsinə işə qəbul etdilər. Burada onun söhbəti, belə anlayıram ki, Əli ilə daha çox tuturdu. Hər ikisi Moskvada olmuşdular, ədəbi diskussiyalarda iştirak etmişdilər, olsun ki, zövqlərində, baxışlarında da müəyyən yaxınlıq vardı. Nə olar, əvvəllər mən bunu müsbət əlamət kimi, qəbul elədim. Hər ikisi səviyyəli idi, dünya ədəbiyyatında baş vermiş ən yeni hadisələri təhlil edə bilirdilər. Lakin sonralar hiss etdim ki, mən məsələnin yalnız bir tərəfini görə bilmişəm. Onlar işdən sonra çox zaman bir çıxırdılar, yolları da qəlyanaltıxanaların yanından keçirdi. Bir dəfə işdən sonra "Cənub" restoranına getdik. Yemək əsnasında söhbət nasirlərimizdən düşdü. Mən Əbülhəsəni təriflədim. İslam nədənsə Əliyə göz vurub dedi:

– Sən deyən deyil, yanılmısan, yaxşı tanımamısan.

Mən Əbülhəsəni güman edirəm ki, yaxşı tanıyırdım, sadə həyat tərzi keçirən, iddiasız bir insandı. Yaşıdlarının hərəsi özünə ədəbiyyat qarşısında bir xidmət göstərəndə onu da ilk Azərbaycan sovet romanının banisi adlandırmışdılar (Deyəsən, sonralar peşman olmuşdular. Çünki Əbülhəsən heç bir dəstəyə qoşulmaq istəmirdi, başını salamat saxlamaq istəyirdi, ona görə də hər tərəfdən zərbə alırdı. Əllinci illərdə ədəbiyyata gələn gənclərə ən real kömək edən də o idi. Gənclər müşavirələri keçiriləndə çoxbilmişlər proqramlarda öz adlarını bölmə rəhbəri kimi qeyd etdirir, gerçək iş başlayanda, yəni gənclərin yazılarını dinləyib məsləhət vermək gələndə özlərini xəstəliyə vururdular. Onlar öz işlərini artıq görmüş olurdular, adlarını MK nümayəndələri proqramda oxumuş olurdular. Bu zaman üzüyola Əbülhəsən müəllimin yaxası ələ keçirdi. O, nəsr bölməsində cavanların gətirdikləri bütün hekayələrin hamısının oxunuşunu təşkil edir, özü həvəslə qulaq asır, xoşuna gələn cəhətləri vurğulayır, iradlarını da deyirdi. Sonda isə ümumi yekun iclasında bölmənin hesabatını verirdi. Cavanların əksəri ondan çox razı idi. Belə olan halda İslamın onu bəyənməməyinin səbəbi mənə aydın deyildi). Mən Əbülhəsənin həm maraqlı sənətkar, həm də gözəl insan olduğunu təkidlə təkrar etdim. "O deyil, yanılmısan," – dedi İslam. Məni ən çox təəccübləndirən Əlinin ona tərəf çıxması oldu.

– Əli, axı Əbülhəsən müəllimin xüsusi insani tərəflərini mənə ən çox tərifləyən sən olmusan, sən.

– Yanılmışam, səhv etmişəm, – çox müxtəsər dedi Əli – hansı dahininsə sözlərini kinayə ilə əlavə etdi – yalnız ölülər səhv eləmir. Əlini tanıya bilmirdim. Ciddi, həlim, səmimi Əlidən qətiyyən gözləmirdim bunu. Onların baxışdıqları, him-cimləri nədənsə gözümdən yayınmışdı, axı Əli heç him-cim adamı da deyildi. Proses davam elədikcə başa düşdüm ki, burada obyekt heç də Əbülhəsən deyil, bəlkə də mənəm. Görünür, Əbülhəsən haqqında həvəs, bəlkə də vəcdlə danışmağım mənimlə zarafat etmək, məni cırnatmaq üçün İslama fürsət verib. Əvvəllər aramızda zarafat olmuşdu. İslam tablamadığına görə kəsilmişdi. Bir dəfə Əlinin (deyəsən, jurnalın başqa işçiləri də vardı) yanında məndən xəbər aldı ki, zənnincə mənim arzum, idealım nə ola bilər? Dedim: Sənin ən böyük arzun o olar ki, kranlardan şollar əvəzinə "Moskovski" araq axsın, göydən də yağış əvəzinə pivə yağsın. cavab verə bilməmişdi. Bəlkə də indi onun əvəzini çıxmaq istəyirdi. Lakin mən belə zarafatı xoşlamırdım. Əvvəla, zarafat birbaşa mənimlə bağlı olmalı idi, Əbülhəsənin bu zarafata nə dəxli? İkincisi, Əlinin bu zarafata daxil edilməsi də heç məni açmırdı.

Zaman keçdikcə İslamın Əlini öz təsiri altına almağının şahidi olurdum. Bu mənəvi bir amil olsa idi qətiyyən təsirlənməz, həyəcan keçirməzdim. Yəni onlar bilik cəhətdən qoy bir-birilərini zənginləşdirsinlər.

Lakin görürdüm ki, məsələ heç də bu cür deyil. Birgə naharlar heç də adi nahara oxşamır, tamamilə ayrı rəng kəsb edirdi. İslam sanki Moskvadan özü ilə yeni yemək- içmək qaydaları gətirmişdi. Günlərin birində üçlükdə restorana gedəsi olduq. Həmin bir dolu stəkan arağı sement döşəməyə çilədiyim "Liman" restoranına, bu dəfə salonda əyləşmişdik. Zənn edirəm ki, normal yeyib-içdik. Gümanıma görə, tam vaxtında da durduq. Çox sevinirdim. Hərə vaxtında öz mənzilinə gedəcəkdi. Bulvarla üzüaşağı (bəlkə üzüyuxarı, mən Bakıda düzgün orientir götürə bilmirdim) hərəkət etdik Azneftə tərəf. Fikrim belə idi ki, müəyyən bir nöqtədə taksi tutam. Təxminən iki yüz addım gedəndən sonra İslam o zaman bulvar boyu sıralanmış qəlyanaltıxanalardan birinin qarşısında dayandı. Başı ilə Əliyə işarə elədi, yəni içəri keçək. Mənə isə yarırəsmi "bu dəfə mən qonaq edirəm, – dedi, – üstünü düzəldək".

– Üstü düppədüzdür, – dedim, – qaranlıq da düşüb, bundan sonra nə mənası var.

– Rayonnusan ki, rayonnusan.

– Belə şəhərli olmaqdansa, yenə rayonnu olmaq yaxşıdır.

– Əli, arxamca!

Əli acizanə üzümə baxdı. Başımı buladım. "Əgər meyliniz vardı, tərtəmiz restoranda əyləşmişdik, bir yarım saat da oturardıq," – dedim.

– Buranın ləzzəti başqadır, – dedi İslam.

– Nədir buranın arağı ayrı sortdur?

– Bəli!

Necə oldusa, heç özüm də bilmədən onların arxasınca içəri keçdim. İslam bufetçi ilə min ilin dostu-tanışı kimi əhvallaşdı. Söhbətdən bəlli oldu ki, kişinin əvvəlki bufetlərindən tanışdılar, üstəlik o da aydınlaşdı ki, İslamın ona keçən dəfələrdən borcu da qalıb. Nə isə, yetmiş qramlıq stəkanlara yüz-yüz süzdü araqdan, mən yaxın qoymadım. İndi içib-çıxsalar nə var ki? Başlandı rəngarəng söhbətlər. Quba meydanından tutmuş Heminqueyə qədər. Daha anlamaq istəmədiyim mövzular… Nəhayət, bir təhərlə bayıra çıxdıq, restoranda yeyib-içdiklərim də burnumdan gəldi. Fikirləşdim ki, deyəsən, daha qurtardıq, kərəminə şükür ilahi… Yüz əlli addım gedəndən sonra təxminən əvvəlkinin eyni olan başqa bir qəlyanaltıxananın qarşısında dayandı.

– Əli, bu kişiyə salam verməsək inciyər bizdən, elə eşikdəncə əhvallaşmağa başladı, gəlirik dedi.

Mən hədsiz incik halda aralanıb Neftçilər prospektinə çıxdım. Əli arxamca gəldi. Əsəbi halda "belə olmaz, Əli" dedim. İncəvara Əli bir kəlmə də söz demədi. Hannan-hana İslam da gəlib çıxdı "prinsipini yeritdin," – dedi, rayonnu prinsipini.

Dinmədim. O, artıq kefli idi. Nədənsə boş taksilər saxlamırdı. Nəhayət ki, köhnə, şoqqax bir "Pobeda" bizə yan aldı. İslamı bir təhər arxa oturacağa əyləşdirdik. İndi bircə qalmışdı adresini öyrənmək, onu da demirdi, tamam başqa mətləblər ətrafında danışırdı, mənsə rayonlu-luğuma salıb adresini öyrənmək istəyirdim. Nəhayət, sürücü əsəbi halda dilləndi:

– Atam, qərdəşim, burda maşın saxlamaq qadağandır, pislik elədim mən, bəgəm, aftoinspektor yaxalasa sizin verəcəyinizdən beş qat artıq alacaq məndən.

Dedim:

– Əmi oğlu, imkan ver adresini öyrənim, biləsən ki, hara aparacaqsan.

– Qədəş, birinci dəfə deyil bu əmioğlunu aparmağım, yaxçi tanıyıram evini.

Mən Əlinin üzünə baxdım, güman edirəm çox söz dedim bu baxmaqla.

Mən Əli – İslam münasibətlərini ona görə unuda bilmirəm ki, burada Əlinin həyatı ilə bağlı bəzi mətləblərin olduğunu zənn edirəm. İslam Əlinin ətrafında olan şəxslərin ən yaşlısı, bəlkə ən savadlısı, dünyagörüşü ən geniş olanı idi. O, bu keyfiyyətləri ilə Əlinin həyatında görkəmli bir rol oynaya bilərdi. Lakin belə olmadı. İslam öz "tavanına" çatmışdı, deyə biləcəyi nə varsa demişdi. Bəlkə də çox söz qalmışdı içində, onları üzə çıxarmağa lüzüm görmürdü. Elə bil ki, həyatda, yaradıcılıqda bir məna görmürdü artıq. Həyatı laübə ilə başa vurmağı qərarlaşdırmışdı. Rus dilini əla bilirdi, əla da tərcüməçi idi. Avtoreferatlar tərcümə edirdi, lazım gələndə bəzi tanışlarına dissertasiya da yazırdı – hətta doktorluq dissertasiyası da. Dərin, hərtərəfli savadı, mətbuat işində səriştəsi də vardı. Gündəlik ruzisini də çıxarda bilirdi. Elə bil özünün heç bir yaradıcılıq məqsədi qalmamışdı. Əlidən də azı on yaş böyük olardı. Üstəlik ailəsi də yoxdu, qayğıdan azaddı. Buna görə də o, istədiyi kimi yaşamaq hüququna tam malik idi. Əslində hətta ondan Əliyə xüsusi qayğı da ummaq olardı, hər halda yüksək zövqü də vardı. Lakin qayğısı özünə qalsın… O, çox gözəl bilirdi ki, Əlinin poetik imkanları çoxdur, güclüdür, ona təkan, kömək, qayğı gərəkdi. Kömək özünə qalsın, heç olmasa özünə tay-tuş tapıb Əlidən aralana idi gərək. Nədənsə o belə etmədi, hələ üstəlik tale onu Əliyə mənzil qonşusu da elədi. Əlinin xalqına veriləsi çoxlu şedevr şeirləri, ailəsi, üç körpəsi vardı. Hər hansı bir dost, hər hansı bir yoldaş, hətta hər hansı bir qonşu belə bunu nəzərə almalı idi. Bəlkə bu fikirlər mənim beynimə müəllim, ya moralist olmağımdan gəlirdi? Yox, əlbəttə! Adi vətəndaş belə bu cür düşünməli idi. Əlinin ətrafında olanlardan tək İslamın adını bu qədər çəkməyim əlbəttə, təsadüfi deyil. Əlinin ona xüsusi münasibəti vardı. Yoxsa onunla bu qədər oturub-durmazdı. Günlərin birində Bakıda olanda Əli mənə təzə şeirini oxudu, əl yazmasında; belə bəxtiyarlıq hər saat qismət olan deyildi. Bəlkə Bakıda yaşasaydım, onun şeirlərinin əksərini əlyazmasından dinləmiş olar, qəlbimə yüzlərlə xatirələr toplanardı. Şeirin adı "Dəniz" di. Onu da birbaşa Əlinin xrestomatik şeirləri silsiləsinə daxil etmək olardı. Şair böhtanlar yağdırılan bir müqəddəsi dənizin vasitəsi ilə öz təmiz məqamına qaldırır. Qiyasın dəniz olması həmin şəxsiyyətin böyüklüyü haqqında əlavə bənzətmələr axtarmağa ehtiyac qoymur.

Bepul matn qismi tugad.

11 979,15 s`om
23 958,29 s`om
−50%