Kitobni o'qish: «Nə xoşbəxt imişəm bir zaman Allah…»
Shrift:
Orxan Kərimovun əziz xatirəsinə ithaf olunur
Şeirlər
İKİ SEVGİ
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki, səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm.
Nöqtə, nöqtə və nöqtə.
QAYTAR ANA BORCUNU
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına.
Bir oğul böyütdü ki, gur çatmaqaş, gensinə,
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
Atlını atdan salıb küləklərlə ötüşür,
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki, “Gör neçə aya getdi?!”
Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki, “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O, yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi.
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boynuna həsrət qalan qollara.
Ana oğul böyütdü, gür çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o, büzmədodaq bir qıza?
Oğul böyütdümü o, min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha,
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
EY YENİ ƏSRİMİZ
Ey yeni əsrimiz!
Sözüm var sənə…
Bəsitdir nə qədər yanında şerim.
Sənin idrakının zirvələrinə
Uçub yetişməyir
fəhlə sözlərim.
KOSMİK ARZU
XX əsr!
Dağ,
Dağ boyda bir kəlmədir…
Onun yamacına mən
dirsəklənib düşündüm…
Köhnə şeirlərimin
darısqal hücrəsindən
Başıma ulduz yağan
qalaktikaya döndüm.
Gördüm ki, azalıbdır
məsafələr minə bir.
Gördüm ki, şeirin vəzni
daha meridian deyil,
Nə də axıcılığı
təyyarə sürətidir…
BİR-BİRİNDƏN XƏBƏRSİZ DAHİLƏR
Cavandılar,
O qədər də
kəmsavad deyildilər.
Bir-birlərinə tez-tez
Yapışqanlı tərif deyirdilər:
– İstedad!
– Qəşəng!
– Bəh-bəh!
– Sağlığına bir qədəh!
Ayrılırdılar.
Hərə elə o dəqiqə vaxtlı-vaxtında
O biri haqqında
Qaşqabaqlı,
Büzülmüş dodaqla,
Yellənən başla,
Dartılmış qaşla
Deyirdilər: – Əclaflara bir bax,
Yalançı sərraflara bir bax,
Düz adamsınızsa siz
Niyə bilə-bilə
Mənə dahi demirsiniz?
Hamısı
bir-birlərini pislərdi.
Özlərini isə
dahi hiss edərdi.
Beləliklə
yeddi allah,
yeddi axmaq,
Yəni on dörd miyanə
Məclisə
hamıdan tez gələrdilər
Yerlərini bilərdilər.
«Keçin başa» deyiləndə
Səfərbər baxışları ilə
bərk tutduqları
stula tərəf yüyürərdilər,
bir-birinə dəyərdilər.
Sağlıq deyiləndə
Yeddisi də qız kimi qızarıb,
Göyə öyrənmiş başlarını
Yerə əyərdilər,
Gözləyərdilər.
İdman tapançasının
atəşini gözləyən
yürüşçü kimi
gözləyərdilər.
Düşünərdilər:
– Seçilməsəm, ah,
batar, gedər tamam adım.
Baş qaldıranda
görərdilər ki,
Dahi olmayan oğlunun biri
dahi olmayan
tamadadı.
Nəhayət,
günlərin dahiyanə bir günündə
Bir yerə baxıb, bir göyə
Bu onun,
o bunun işini bilməsin deyə,
Bir-birinə xəbər də vermədən
Ayrıldılar,
Getdilər,
Müstəqil dahilik etdilər.
FRAQMENTLƏR
Otuzdan çox yaşamışam…
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstdə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında.
Bəzən ölüm sözünün polyar qışında.
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getdiyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir,
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb.
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib,
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük Ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var,
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm, al səhərimdir.
Şeirlərimə baxıram:
Demə, ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.
2 aprel, 1964
KÜR, SƏNƏ BƏNZƏYƏN NƏĞMƏM OLAYDI!
Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənintək mənalı bir nəğməni mən
“Hardasan”, – deyərək gəzirəm çoxdan.
Doldurub ovcuma sərin suyunu
Sevdiyim nəğmənin bir damlasıtək,
Ey könül, deyirəm, seyr elə bunu,
Mənalı olmağı bundan öyrənək.
Yazdığım nəğmə də istərəm ki, mən
Sədada, qüdrətdə tamam sən ola,
Həvəslə, zövq ilə həm dinlənilən,
Həm də ki, gözlərə görünən ola.
Axar ürəyimə yüz ömrün kamı
O əziz yaransa elə su kimi.
Qoy belə olmasa könlün ilhamı,
Dağılsın bir uşaq yuxusu kimi!
Sənintək, a Kürüm, mənim də nəğməm
Axa şəhərlərə, axa kəndlərə.
Mildə iş qurtarıb susanda aləm,
Xoş səda salaydı aynabəndlərə.
O da dalğalanıb, yeriyib arx-arx
Bu ana torpağı qucaqlayaydı.
Sən ellər gəzəndə işıq saçaraq,
Sözüm könüllərə şəfəq yayaydı.
Sənintək axaydı, səsim də, a çay,
Muğanda “su” deyib yananda düzlər,
Mənim də nəğməmi tarlada hər yay
Sərin suyun kimi içəydi qızlar.
Hər könül istəyim, könül harayım
Ellərin qeydinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir sənə bənzəyən nəğməm olaydı.
1953
BİR GECƏLİK KÜR OLMUŞAM
Sahilində qaldım Kürün,
Verdim Kürlə baş-başa mən.
Səhərədək göz yummadım,
Etdim ona tamaşa mən.
Qucaqlaşıb Kürüm ilə,
Öpdüm onu neçə kərə.
Gör biz necə qovuşduq ki,
Axır mən də döndüm Kürə
Kürə döndüm!
Kürə!
Kürə!
Artdı gücüm milyon kərə,
Şirvan, Qarabağ kanalı –
Mənim iki güclü qolum:
Qucaqladım ana yurdu,
Əbədiyyət oldu yolum.
Sinəm üstə ulduzlar, Ay,
Könlümdə xalq məhəbbəti,
Eldən-elə axıb getdim, –
Dalğamda dağ əzəməti.
Bircə kəs də bilmədi ki,
Kür bu gecə o Kür deyil;
O, canlıdır görür, duyur,
Şeir yazır, şeir deyir.
Oldum işıq, zəmi, dəniz,
Yuxlamadım səhərəcən.
Gecələdim bir gecədə
Min-min evdə, mahalda mən.
Kür özü də bilmədi ki,
Səsi güclü, gur olmuşam.
Xoşbəxtəm ki, heç olmasa
Bir gecəlik Kür olmuşam.
MAVİ NƏĞMƏ QANADINDA
Neft daşları qəhrəmanlarına
Aşağıda çırpınır dəniz.
Üstümüzdə xəzri də –
Guruldayıb keçən dəniz.
Dörd ayağı üstdə
Titrəyir iki gözlü
Balaca evimiz.
Alt – dəniz,
Üst – dəniz.
Üç gündür minik yoxdur,
Ayrılmışıq dünyadan biz.
Gülüb deyir neftçi dostumuz:
– Belə tufan olmasaydı,
Əlbət, tez qaçardınız.
Üç gündü soyuqdur
Xəzərin qoynunda.
Dəstəkdən otağımıza tökülən
İsti sözlərin qoynunda
qızınırıq.
Qəhrəmanlığa vərdiş
etmiş,
Odur ki, onu unutmuş
İgidlərlə yan-yana,
Xəzərlə bir tavanın altında,
Xəzri kimi hər dalğası
vulkan püskürməsi olan
okeanın altında Xəzər.
Nəhayət, yorulur Xəzər,
Durulur Xəzər.
Mavi bir nəğmə olur Xəzər.
Mənə elə gəlir ki,
Biz üç yoldaş –
Üç susmaz sözük, –
Bu nəğmənin qoynunda
Neft daşlarında.
FƏHLƏLƏR
Fəhlələr yol ayrıcında
görüşdülər;
Sevindilər yamanca…
Sonra hərəsi bir tərəfə
necə gəldi:
Böyrü üstə,
Beli üstə
Tökülüşdülər otlu yamaca.
Sorğu-sual etmədilər:
Hardansan?
Kimsən?
Atanın adı?
Fəhləydilər;
Bu tanıdı,
tanıdı.
Kimin nəyi vardı, çıxardı:
çörək, kartof, yumurta,
üzrxahsız təbəssüm,
bir də başından
içilmiş çaxırdı.
Ötürüb boğazdan aşağı,
Tərif demədilər
Bəzilərimiz kimi boğazdan
yuxarı,
Yedilər ləzzətlə –
Baxmadılar bişmişinə, çiyinə.
Hərdən qüvvətli əl qondu
Dünyanın dayağı bir çiyinə.
Söhbətlərində bir iz yoxdu
Nə “sən, sən”dən,
Nə “mən, mən”dən.
Sonra bir-birlərinə
Neft iyi verən “Pamir”
uzatdılar,
Xahişsiz,
Sözsüz,
Səssiz,
Sümürdülər ləzzətlə
Tüstünü,
Neft iyini,
Dincliyi.
Bir də lal dostluğun ətrini.
Ayrıldılar.
Demə ayrı oldular.
Nə onlar qışqırıqçıydı,
(Nə də çəkdim mən zilə),
Sakit-sakit addımladılar
Dünya boyda
Səmimiyyət adlı bir mənzilə.
MUĞAMI DİNLƏYİRƏM
Ürəyimdə sevinc, qəm –
Muğamı dinləyirəm.
Həm isti, həm soyuqdan,
Həm kölgə, həm işıqdan
Yaranmış bir xoş aləm…
Çarpazlanan əllərim
başımın altındadır,
Təbəssüm dodağımda,
qırışlar alnımdadır.
Tarın sarı simindən dönə-dönə səs qopur.
Qəm qopur, sevinc qopur,
Söz qopur.
Dönə-dönə o səslər
Ürəyimə tökülür,
Könlüm simi titrəyir,
inildəyir,
sökülür.
Kamanın səsi titrək,
Kamanın səsi kövrək
Gah ucalır, gah kəsir,
Gah da coşub, tələsir,
Tar səsinin dalınca,
Mən xəyala dalınca
Duyuram bahar da var;
Payız da var, yaz da var.
Dörd fəsli birdən duyub,
Bircə anın içində,
Üşüyürəm, yanıram
Həyəcanın içində.
Həm arzu, həm iftixar,
Həm təəssüf, həm vüqar,
Həm səadət, həm də qəm
Birdən hiss eləyirəm.
Könlümdə yaz sədası,
Könlümdə yaz havası.
Könlümdə duyğuların
Rəngbərəng,
Aydın, qəşəng
Qövsi-qüzehi vardır.
Könlümün bir yanı isti,
Könlümün bir yanı çiçək,
Könlümün bir yanı çisək,
Könlümün bir yanı qardır.
Səs ucalır, ucalır,
Dağları yada salır.
Səs qayıdır yerə…
Gözə gəlir göy, dərə
Neçə yerdən odlayır ürəyimi
Füzulinin qəzəli.
Arzuları oyadır,
Bulaq üstdən qayıdır.
Başda – yelənmi tir-tir əsən,
Üzdə təbəssümdən – ay.
Azərbaycan gözəli.
Dünənin dərdi, qəmi.
Bu günə də arzusan,
Sabahınsa vüsalı.
Bir hiss olub
Sevinc yaşı, qəm yaşı,
Dodaqlarda birləşir.
Ürəyim, nə var yenə!
Ürək, döyünmə belə!
Duyan sən, səs salan sən,
Qoy eşidim,
Nə olar, bir az yavaş döyünsən!
Ürəyimdə sevinc, qəm –
Muğamı dinləyirəm.
1958
ALTINCI FESTİVALA
Altıncı festivala
mən də gedirdim o vaxt…
Uçmuşdu Moskvaya
Ürəyim məndən qabaq.
Nəhayət, ona çatdım…
Aşıb-daşırdı şəhər.
Məhəbbət kimi safdı,
mehribandı al səhər…
Dolmuşdu nəğməylə göy –
dərya suyla dolan tək.
Göydə nəğmə, göyərçin –
göydə neçə min ürək…
Söz axırdı könlümün
bütün üfüqlərindən,
Sevinc dalğası idim
sevinc dəryasında mən.
Hər küçədə bir ölkə…
Hər yerə, hər ölkəyə
Avtobuslar işləyir.
Hər ölkə nəğmə deyir…
Xalqlar necə yaxındır
sanki bir ürəkdədi.
Qranitdi – səslərin
Gülüşlərin, sözlərin,
Nəğmələrin vəhdəti.
Hazırcavab fransız,
büllur nəğməli hindli,
Doğma dilləri kimi
anlayırdı bir dili:
O dil – təbəssüm, ya da
Başımız üstə uçan
Göyərçinlər diliydi.
Moskva – ölkələrin
məhəbbət mənziliydi.
Orda Azərbaycanın
cavanları da vardı,
Qürur bayrağımızı
ön sırada apardı.
ÇOX YAZDIM GECƏ…
Çox yazdım gecə…
Pozdum.
Demə, barını dərdim.
Könül alışdı, yandı.
Başımdan aşdı dərdim,
Bir qalın xətt çəkəndə
Üstündən yazdığımın,
Kağızda yeri qaldı.
Heç olmasa,
Deyərlər: – Şairin oxucuya
Bir hörmət sətri qaldı.
ƏLLƏR
Külək qarı püskürür…
Yerdən göyə yağır qar.
Qışın öpüşü kimi
Şaxta yapışır üzə.
Güclü çiyinlərində
Uzun-uzun borular
Yeriyirlər neftçilər…
Qalın qar çıxır dizə,
Sanki tutub ayaqdan
İstəmir ki, buraxa
Neftçilər boruları
Daşıyırlar buruğa.
Ağ vulkanlar içində
Alıb dərindən nəfəs,
Fəhlələr bir-birini
Tez-tez eləyir əvəz.
Əllər duyur boruda
Əvəz olunmuşların
Əlinin istisini.
Amma dostların biri
Borudan yapışanda
Bu istini duymadı,
Çıxarmadı səsini
Bildi: kimsə boranda
Göz görməyən zamanda,
Başqası çalışanda
Avaratək verməyib işə canını, şəksiz,
Dostlarının yanıyla
Yeriyibdir ürəksiz.
Bir az sonra budkada
Papaqla üst-başını
Çırpıb oturdu onlar.
Əriyib damcı-damcı
Üstlərindən elə bil
Tökülən qar deyildi:
Axırdı zümrüd anlar.
İsti vurduqca
Əllər nə xoş gizildəyirdi.
Söhbət davam edirdi
Təzə neftdən yenə.
Birisi də elə bil
Özü öz əllərini
Oğurlayıb bayaqdan
Qoymuşdu ciblərinə.
ƏN BÖYÜK GƏMİ
Neft daşları
yada salır
lövbər atmış
ən nəhəng gəmini,
Yaman heyran etdi məni.
Gəmi – şəhərdir,
Gəmi – meydan.
Bura hər yerdən
qonaqlar gəlir.
Gəmi – cahan.
Amma gəmi
Getməyəcək heç yana
burdan.
Gəmi dayanmış
neçə dəmir ayaqlı,
iradə özüllü
bir şəhər kimi.
Könlünü atmış
sulara
əbədi lövbər kimi.
ATAMIN XATİRƏSİ
O, sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Əməksevən, ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən.
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o, niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
1959
İLAN
Atam deyərdi…
Sən ilana tüfəngi
gözlərini
yumub at,
öləcək.
Özü qızıl güllənin
qabağına gələcək
Sən onu yox,
o sənin
tüfənginin
İlan yuvası kimi
lüləsini,
yarı yolda olan
gülləsini
kirpiksiz gözlərilə
Tezcə nişan alacaq,
yarı yolda olacaq.
Bir an tüstülü göydə
Gülləylə bir qalacaq,
Sonra göyün qəzəblə
Vurduğu çubuq kimi
yerə çırpılacaqdır.
yerdə qıvrılacaqdır.
Ölümə necə aşiq,
Ölümə necə heyran
olub ki,
Özünün də
ölümünü,
atılıb
Yarı yolda qarşılar,
vəhşi ilhamla ilan.
POÇTALYON
Yenə poçtalyonu Göyçayımızın
Çinarlı yollarla gəlib şən keçir.
Düşünür: “Gör neçə oğlanın, qızın
Eşqi, məhəbbəti əlimdən keçir”.
Yaşı əllisə də, demə, qocadır,
Pionerlərə də o, salam verir.
Görkəmdən vüqarlı, boydan ucadır,
Qabarmış köksünə yaxşı baxın bir.
Rayonun hər böyük, hər kiçik yolu
Ömür dastanının misralarıdır, –
Gəlin təbəssümü, ana “sağ ol”u
Onun dövlətidir, onun varıdır.
Bu yerlər qəlbinə tanışdır, tanış
Öz həyəti kimi, bağçası kimi…
Bəlkə hər qapını min dəfə açmış
Mahud pencəyinin yaxası kimi.
Yükü el salamı, el məhəbbəti,
Bir yüngüllük duyur ağırlığıından.
Körpə uşağın da gülür niyyəti
Yüyürüb məktubu alanda ondan.
Biri uzaqdan da ötüb keçəndə,
– A Qurban, – deyərək onu haylayır.
Bir üstü möhürlü zərfin içində
Məhəbbət gətirir, sevinc paylayır.
– Məktub gecikməsin, – dediyi zaman
Ona çox həyəcan, çox həvəs gəlir.
Daim qulağına meşin çantadan
Neçə salam gəlir, neçə səs gəlir.
Bir səs – ana! – deyir, biri – sevgilim!
Biri – kəndimizdən salamlar sizə!
Biri də söyləyir – gəl, mən də gəlim,
Bacım Zərifədən salam var sizə!
Uzun danışmaq da adəti deyil,
Hər kəsə sözünü tez deyib gedir.
Çantası səsləyir onu elə bil,
O da çantasını dinləyib gedir.
1953
BAKI KÜLƏYİ
Demirəm hər zaman gəz bu diyarı,
Sındır budaqları, əy budaqları.
Bəzən də sakit əs, su kimi durul,
Gəlib dalğa-dalğa tökül qoynuma.
Gah da mənə çatıb havada burul,
Burula-burala dolan boynuma.
Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri, isti gilavar!
Gəlsə yuxu kimi bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.
O güclü dalğalar, o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.
Gurla, var gücünlə gurla, ey külək,
Saçımı da dağıt, sinəmdən də bas!
Mən də cavab verim, mənə qulaq as:
Gəl bir də toqquşub döş-döşə gələk!
Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi, döy pəncərəmi!..
1954
BABƏKİN QOLLARI
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söylə-söylə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə
Azca rahat olan Babək;
Bir qırmızı yuxu içrə:
Uzaqlara dalan Babək.
Deyən Babək: – Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan
Qollarımla bir vuruşun.
İyun, 1969
FÜZULİ
“…Fələklər yandı ahimdən…”
Füzuli
Dünya səni qocaltdı yaşıdın olsun deyə
Gömüldü dərdin yerə, ucaldı ahın göyə.
Dərdə şərik – dərd özü, sükut – suala cavab.
Qranit dağlar belə, gətirməzdi buna tab.
Füzuli, o nə dövran!.. – Görsələr yanır insan
Yanana od verdilər.
Füzuli, o nə kədər!
Görsələr donur insan,
Donana buz verdilər…
Füzuli, o nə qədər? –
Görsələr batır insan,
Batana dəryaları
birdən bəxş elədilər,
Dünya səni qocaltdı,
Qocaldın dünya kimi,
Könlün kədərlə dolu –
çalxanan dərya kimi.
Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.
Ey böyük ustad,
heyhat,
Ürəyində o ada, şöhrətə yer vardımı?
Min bir kədər əlindən
orda yer qalardımı?
Gəldi cavan bir qızın
vədəsiz məhəbbəti,
Könlündə dərd əlindən
bu eşqə yer vardımı?
Bəzən də xanəndənin
cilvələndi sənəti,
Qəzəllərindən ayrı
qəzəl oxunardımı?
Doğma sözlərinə də
qəlbində yer vardımı?
Dünya səni qocaltdı –
cavan görünsün deyə,
Yanğınlar tüstüsütək
ahın ucaldı göyə.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqin
hər yerindən gördülər –
gördü bu doğma yerin.
Bütün bu gen dünyanın
gözləri göydə qaldı.
Göy də şəfəqlər saçan
ahına baxdı, daldı.
Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanan
fələklər özü oldu.
Baxıram ucalardan
gəlir Füzuli səsi.
Görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O Günəş də Füzuli odunun nişanəsi.
1958
XƏTAİ
(poemadan parça)
Xətai at belində,
At xəyal qanadında,
Xəyal da təsəvvürün
təsəvvürünə süvar…
Düşmənin təhqir qədər
İti qılınclarından
Yerdə Vətən bölünür,
Dodaqda «Vətən» sözü,
Çayda axan duru su.
Günəş də parçalanır
Yaralı bir əsgərin
Gözlərinə tökülür.
Torpaq ayaqlar altda,
İntizar bir ananın
Köksü kimi sökülür.
Xətai at belində…
O qədər qəzəblənib
yanıb dırnağınadək
İndi elə bilir ki,
Atı da o aparır,
Keçirib ayağının
Barmaqları ucunda…
Xətayi at belində,
At qəzəbin belində
At az qalıb uçuna…
Qurumuş boğazını
Yaş eləməkçün bir az
Xətai hərdən sorur
Dodaqdakı qanından.
Ona elə gəlir ki,
qılıncını heç zaman
Çıxarmamış qınından.
Ürəyindən çıxarır,
Saplamışdı düşmənin
Ürəyinin başına…
Zəfər olub dost ona
Nizəylə nöqtə qoymuş,
Düşmənin sinəsində
Başladığı dastana.
YAZIRSAN GECƏLƏR…
Yazırsan gecələr…
dostun, yoldaşın
Sadə təbəssümü işığında sən.
Eh, yoxsa, yoxsa ki, yazmaqmı olar –
Lampa işığında nə edəcəksən?
Görürsən qərq olur mənimtək o da
Bir nadan sözünün söz kölgəsinə.
Eh, lampa işığı,
dost təbəssümü
Gərək işıq versin onun özünə.
Şeirim dedilər ki, bəyənilməyib…
Sevinir nadansa… Bu sevinc nədir?
Görünür, onun da ən gözəl şeiri
Sənin bu şeirinin zəifliyidir.
Yazırsan gecələr… Daha da çox yaz…
Nə qəm çək, nə də ki, təəssüf eylə.
Sən yaxşı işləsən, gülümsəyəcək
Hər yazın dostların təbəssümüylə.
1961
AZƏRBAYCAN
Azərbaycan!
Odlar yurdu! –
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostuyla
hər dərdi-məlalı,
Sevinci bir duyar.
Azərbaycan –
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.
Füzulisi – könlün
Hər guşəsindən
xəbər verən,
eşqin bütün çalarlarını görən
dünya ürəkli bir sənətkar.
Nəsrəddini, Cəlili
çiynində xalq dərdinin
Kəpəzi,
Şahdağı.
Sinəsində çalın-çarpaz
göz yaşı,
ah dağı.
Sabiri – gülüşündə hüzn,
Kədərində hüsn,
Sükutunda tufan,
Tufanı ərşə dayaq alovdan
Yaranan bir insan
Azərbaycan!
Şöhrəti sərhədlər aşan,
özündən böyük
ölkələrlə yarışan,
dünyaya yaraşan,
yaraşıb ona gözəllik verən,
neft diyarı,
Yanar ən uca zirvələrdə
şöhrət ulduzları.
Suları üstündə
dünyanın
ən nəhəng gəmisi kimi
lövbər atmış
polad küçəli,
min ayaqlı,
dalğaların nəğməsi zirvəsində
qərar tutmuş
cavan,
ləngərli,
qorxmaz,
igid bir şəhər.
Dalğalar üstünə
mavi nəğmələr
səpələr.
Azərbaycan!
İnsanı –
təbiət kimi təbii,
mehriban,
təbiəti hər dildə
danışa bilən insan.
Yolları insanla,
mənayla dopdolu
şeir misrası.
Məna ətriylə
doldurar dünyanı
onun milyon çalarlı
hər yazı.
Çaylarında könül oxşayan
nəğməli bir haray.
Qüzeyi – qış,
güneyi – yay –
Azərbaycan!
Gecə-gündüz
ilhama gətirən məni.
Azərbaycan!
Könlümün,
ruhumun,
sevincimin,
kədərimin,
fikrimin Vətəni
Azərbaycan!
İnsan zəkasının
işıqlandırdığı,
könlündə
min çıraq yandırdığı
bir diyar.
Bayramı zəfərlərlə,
bugünkü parlaq,
sabahkı daha parlaq
səhərlərlə dolu;
Yolu –
Bəşər fikrinin
zirvə yolu.
KÜR
Hara gedirəmsə…
kəndə, şəhərə,
Mən Kür görürəm.
Qızıl dalğasını doğma Kürümün
İndi hər otaqda
Mən Kür görürəm.
Kürün özünə də Kür işıq saçır;
Kürün üzərində
Mən Kür görürəm.
ÜRƏYİM BOYLANIR O YERƏ SARI
Ürəyim boylanır o yerə sarı,
Gözlərim yol çəkir…
çəkir yolları.
Gah hava yolunu,
gah su yolunu,
Gah şosse yolunu,
arzu yolunu.
Tökülür üstümə
yollar qovşağı.
Alnıma,
üzümə
dolur qırışıq.
Gözlərim yol çəkir
neçə diyarla,
şəhərlə qarışıq,
kəndlə qarışıq.
Gözlərim o qədər
yorğun olur ki,
Gözlərim o qədər
yolla dolur ki,
Gecə sübhə qədər,
şirin yuxu tək
Tökülür onlardan
sinəmə yollar,
neçə kənd, şəhər,
nə qədər diyar.
Doludur yollarla gözümün içi,
Gözümün üstə də yollara yer var…
ANA
Demirəm göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.
Əyilib alnından öpəndə hərdən
Könül dodağıma bir də öp, – deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir.
Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.
1952
DƏNİZ
Dostum İ.İslama
Üfüqlərə başını
Qoyub uzanmış dəniz…
Onun böyük qəlbində
Kiçik bir duyğu kimi
Çırpınır dağ gövdəli,
Dağ siqlətli gəmimiz.
– Mən,
Baxıb, göyərtədən
Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri, nə bilim, nə –
Dənizin saf qəlbinə.
Dəniz coşub-daşmayır;
Suları çaxnaşmayır.
Sakit əzəmətiylə,
Gücüylə,
Qüdrətiylə
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm:
Dəniz yenə təmizdir.
Dəniz yenə dənizdir!
SƏFƏRDƏN SONRA
O endi yerə
orbitdən,
Nəhayətsizlik
ilğımlarından.
Ona
Xeyli balaca,
yöndəmsiz,
gözəl göründü cahan.
Gəncin döşündə əlvan üfüqlər,
Gözlərindəsə
Yerdən çox böyük
ulduzlar qatı
Görüş…
Öpüşmə…
Şirin yorğunluq…
Getdi…
Uzandı…
Yatdı.
Evdə?
Eyvanda?
Xeyr!
Yoxdu vaxt,
məkan,
Neçə ömürdən
uzaq bir səfər
edən adam üçün yoxdu bunlar.
Məsafəsizlik,
çəkisizlik
üzərindəcə
uzanmışdı oğlan.
NİDA
(Monoloq)
Mən elə sürətin təşnəsiyəm ki,
Çatsın xəyalımın üfüqlərinə.
Bir göz qırpımında yetirsin məni
Həm ən yüksəkliyə,
həm ən dərinə.
Mənim istədiyim o sürət olsa,
Xəyalla idrakı bir yerə qatar,
Sürünməz yorğunluq bürkülərində
Bürokrat təyyarə,
bürokrat qatar.
Çatar mənzilinə bir an içində
Könlün hər arzusu,
sözü,
əməli,
Bir göz qırpımında birləşər yəqin
Əvvəlin axırı,
sonun əvvəli!
UCADAN
Oğlan keçdi orbiti,
Oğlan boylandı yerə:
Torpaq uclu-bucaqlı,
Balaca,
göy dairə
Hansı səmtdədir, görən,
Evi?
Şəhəri?
Kəndi?
Ev nədir,
Şəhər nədir,
Ölkələri tap indi.
İşıqlar da birləşib,
Yaşıllıqlar da birdir.
Buyur, varsa hünərin,
Ayır onları bir-bir.
Evin evlər içində,
Evlər də ki, evində.
Sevilən ömr eləyir.
Yerin hər tərəfində
Dağ da, daş da, dəniz də
Bir evdə məskən qurur.
Zərrəyə dunya sığır
Zərrə ərzi doldurur.
Bu əl çatan zirvədən
Baxsan aşağı əgər,
Yer əzizdir,
gözəldir,
Balacadır nə qədər.
Məhv eləmək də olar,
Yaşatmaq da.
Bu zaman
Sanki diksindi oğlan
Uzaq gurultulardan:
Qucaqladı xəyalən
Evi boyda dünyanı,
Dünya boyda evini
o, bərk-bərk,
Fəzalardan asılmış
Mavi rəngli nənnitək.
ÇƏKİSİZLİK
Birdən yox olursan…
Boşluq olursan…
Elə bil kiminsə xəyalısan sən.
Yox olur “gəmi” də, dünya da bir an,
Bir az da qorxursan özün-özündən.
Amma məhəbbətsə azalmır qəti,
Duyursan yaşayır, yenə də vardır.
Könlümün torpağa saf məhəbbəti
Daha da çox olur…
daha da artır.
METRONUN YAYLI QAPILARI
Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
“Birdən,
Arxadan gələnə dəyər”.
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.
XƏTLƏR VARİASİYALARI
Oğlum Paşaya
1. ƏYLƏNCƏLİ HƏNDƏSƏ
(İki nöqtəni düz xətt birləşdirir)
Saat 1-dir…
Baxmayıb gecənin bu çağına,
Oğlum düz xətlər çəkir
Ərzin hər bucağına.
Birləşdirir otağı
uzaq Nigeriyaya,
Stolüstü lapmanı
bizdən nigaran Aya.
Gah da mənim burnumu
uzaq Odlu torpağa.
İşini qurmamış
dura bilmir ayağa.
Hindistana uz tutur,
qırılır xətti onun,
Yenə hay-küyü qopmuş
bizə qoşa qonşunun.
Qurtarmamış onların
bu otaq – hind dastanı
Oğlumdan bu gecə də
alırlar Hindistanı.
Sonra mətbəximizdən
cızıq çəkir
kədərli
və dönməz Vyetnama
Amma qəflətən əli
Donur:
Cızıq qırılır.
Onun yarısı qalır
Uşaq stolu üstdə
xırdaca bir varaqda.
Yarısı bombalanır
evimizdən uzaqda.
Oğlum məyus olur çox,
Amma demə usanır.
Xətt buzqıran dalınca
Arktikaya uzanır;
Hücum çəkir buzlara.
Onları birləşdirir –
hələ korlamadığım
ağappaq kağızlara.
Xətt durur birdən yenə;
Buzqıran çatmamışdır
buzun son güşəsinə.
Oğlum gözləyir, bizim
qəhrəman qütbçülər
İşığı başdan-başa
nə zaman qütbə çilər.
Gecə keçir…
Çalışır neçə saatdan bəri.
Baş-başa çata bilmir
Oğlum bütün xətləri.
2. AÇIQ PƏNCƏRƏ
Mən oğlumun fikriylə
yatmışdım gecə.
Yuxuda ölkədən-ölkəyə keçə-keçə.
Səhər ayılıb səsə
düşürəm çarpayıma
hansı ölkədənsə.
Dururam
Açılıb pəncərə
Günəşə,
qarışqaya,
ota,
pencərə –
iyula,
yanvara.
Pəncərənin gözləri nə qədər böyüyür
Günəş şüaları kimi
açıldıqca yanlara.
Pəncərənin gözləri tuşuyla
Yanlara düz xətt çəkirəm fikrimlə.
Sakit okean calanır bir ucuna.
Ürəyim az qalır uçuna.
O biri xətt meridian üstə düşüb,
Olur dünyəvi bir cığır.
Yerin axırıncı nöqtəsinə gedib çıxır.
Tuturam xətləri
Atamın tutduğu yüyən kimi.
– Ey kainat.
Sən bir kəhər at,
Çapıram səni mən
ləyaqətli yiyən kimi.
Çəkirəm üçbucaq xətti
geriyə,
“gəl-gəl” deyə-deyə,
Ağrısa da əllərimin qabarı.
Dünya bəri gələ-gələ
pəncərəmin qabağında qabarır.
Dolur evimə dünya,
insan,
okean səsi,
Açılır evimə
dünyanın pəncərəsi.
3. MERİDİAN ÜSTÜNDƏ OYUN
Bir kötük üstə o vaxt
Uzun ağac qoyardıq.
Hər ucunda birimiz,
Sevinclə oynayardıq.
Meridian üstündəyəm,
Uşaqlıq hissindəyəm,
Deyirəm ki, ölkələr
Razılığa gələrlər.
Hərdən dincəlmək üçün,
İlhama gəlmək üçün,
Sevinc aşiqi olub
Coşalar, qaynayalar,
Meridian üstə çıxıb
Uşaq tək oynayalar.
4. “GÖZLƏRİM SƏNƏ HEYRAN OLUB…”
Gözlərim sənə heyran olub…
Baxışlarım meridian olub
Sancılıb dünyanın ən uzaq yerinə,
Baxışımda ölkələr,
kənd,
şəhər,
Baxışım dönüb meridiana;
Gah qatarla,
təyyarəylə yan-yana gedir,
Gah burulur yana.
Gah dağ olub ucalır,
Cah çırpınır okean kimi.
Niyə gəlmirsən?
Könlüm bunu necə anlar…
Duymursan,
Dinmirsən,
gəlmirsən,
Qırılıb tökülür, meridianlar…
5. OĞLUM ŞƏKİL ÇƏKİR
Dostumla bayaqdan bir qoca1 haqda
Yenə nə bilirik deyirik bir-bir.
Oğlumun çərtdiyi rəngli karandaş
Bizim kəlmələri göydə dənləyir.
Deyirik: – Bu qoca bəlkə dünyanın
Bağlanıb könlüylə hər bucağına, –
Gah Şərqdə vuruşub,
gah Qərbdə qoca,
Yaxın düşməyibdir ölüm də ona.
O tutqun alnının hər qırışığı
Bir elə,
ölkəyə,
yurda bağlıdır.
“Dünyanı sabaha aparanlardan
Biri də özüməm!” – desə haqlıdır.
Baxıram oğlumun çəkdiyi şəklə,
Qocanın alnının qırışıqları
Dönür ekvatora,
meridiana,
Gah Şərqə yollanır,
gah Qərbə sarı.
Alnında birləşib xətlər düyünü,
Hər xəttə bağlanan, –
neçə ölkədir.
Qoca az əyilib, xətləri çarpaz,
Alnını irəli verərək gedir.
Dönüb ulduz olur ulzudlar içrə,
Tökülür alnından tər puçur-puçur.
Ardınca Yer gəlir,
qalaktikalar
Dopdolu,
rəngbərəng şar kimi uçur.
Şimşəkli gözündən nur saça-saça
Çəkib kainatı aparır qoca.
1969
YERALTI DÜNYADA
Olmamışdan yer altında
O cür nəhəng metroda mən,
Heç xəbərim yoxdu qəti,
Mənalı bir şeir kimi
O sehirli dərinlikdən.
Yer altına girənlərlə
Endim şeirin təkinə mən,
(Başım üstə yer ilə göy)
Çox çəkinə-çəkinə mən.
Endim burda mənzil quran
Əsrlərin diyarına.
Bir hay çəkdim,
səsim çatdı
Qaranlığın divarına,
Səsim çatdı,
tez qayıtdı
geri yenə,
Keçmiş ilə bu dünyanın
sərhəddinə.
İşıq saldı
elektrik fanarımız
Od axtaran,
od tapmayan
İlk insanın həsrətinə.
Sonra alov tapan zaman
Doğmuş odlu heyrətinə.
Əsrlərin üzəriylə
Bu əcayib pillələrlə
Biz enirik.
Kaha dərin…
Çaş-baş olub əsrlər də,
Biz irəli gedə-gedə
Bəzən geri çəkilirik.
Axırından başlayaraq
Yaşamağa əsrləri.
Əsr var ki, qırıq-qırıq
Əsr var ki, çilik-çilik,
Əsrlərin üzərilə
Ehtiyatla yeriyirik.
1969
DAŞ
Yarıçılpaq,
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə,
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu,
Daş çevrilib bir ox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom oldu.
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı para-para
Edib keçdi…
Həmin o daş
İndi yenə dayanmayır,
uçur hara?
O, neytron, elektron –
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandıraq olmazmı, de,
Yarıçılpaq,
yarıvəhşi,
Qədim insan
atan daşı?!
MƏNİM HƏYATIM
Adi bir insanam mən,
Adidən də adiyəm.
Bir əl boyda kağıza sığmaz amma bu aləm.
Yazım: harda doğuldum,
Yazım: məktəbə girdim,
İnstitut bitirdim.
Yazım: nədir sənətim,
Yazım: anam, atam kim.
Bəs onda harda qaldı çəmənlərdə bir qoşun
O yüyürən, o duran uşaqların baharı?
Qanadını bilmədən sındırdığım bir quşun
Ürəyimdə ney tutan xəfif sızıltıları?
Hanı yanaqlarının yaşını silib asta,
Bənövşəyə, laləyə dərdli sirdaş olduğum?
Dizəcən ot içində, ya da bir budaq üstdə,
Gah tək qalan bir söyud, gah da
bir daş olduğum?
Qorxuram ki, söz açıb bunu deyəm, o qala.
Eşqi könlümə bağlı bağça da var, bağ da var.
Baxın, gəlir mənimlə göy meşələr qol-qola,
Gəlir çiyin-çiyinə mənimlə qarlı dağlar.
Vardır hələ qonşumuz, qonşumuzun qonşusu,
Hələ sevimli dostlar, dostların da dostları,
Min arzudan yaranmış bir insanın arzusu,
Min baharın ətridir bir insanın baharı.
Mən deyəndə, bilirəm, dinir minlərlə insan,
Mən gülürəm – gülür gül, gülür nə qədər çiçək.
Hər yazımda neçə yaz, hər anımda neçə an…
Gözümdə milyon baxış, sinəmdə milyon ürək,
Təbəssümə, Günəşə, insana könül verən
Min ölənin, qalanın həyatıdır həyatım,
Neçə kənddə, şəhərdə yatıram yer altda mən.
Daha çoxam yer üstdə,
Böyükdür eşqim, adım
Budur həyatım, ömrüm!
Deyirəm ki, ürəkdən:
Adi bir insanam mən!
UŞAQ
Əlimi qaşımın üstünə qoyub,
Boylanıb baxıram uşaqlığıma:
Özüm böyütdüyüm dəcəl çəpişə,
Əlimlə saldığım cənnət bağıma.
Eheyy!! – qışqırıram, baxmayır uşaq,
Bir də qışqırıram, dinmir ki, dinmir.
Başa düşürəm ki, çıxmırmış səsim,
Çox zaman yuxuda olduğu kimi.
Amma, təsadüfən çevrilib uşaq,
Gözləri dolusu baxır uzaqdan,
Birdən fikir verib mən ağ saçlıya
Qaçır,
bir əsər də qalmır uşaqdan.
Nöqsanım,
qüsurum,
mən, bir də qəmim,
Yüyürüb,
yüyürüb,
düşürük həkdən.
Göydəmi,
yerdəmi,
ürəyimdəmi
Kimsə qəhqəhəylə gülür ürəkdən:
– Nə fikrə getmisən, – deyir, – nə fikrə,
Bir dərdin olmasa sən də gülərsən,
Atsan yanındakı yoldaşlarını,
Sən məni o zaman tapa bilərsən…
1969
BU, GÖYÇAYDIR…
Bu, Göyçaydır, oğlanlarım,
göy dalğalı
Bax o dağlar başındakı
mavi göydən axıb gəlir.
Çox çimmişəm bu çayda mən,
sizinlə də gəlin çimim.
Tökülüşdük suya bir-bir.
Uşaq etdi sular məni.
O ki vardı batdım, çıxdım,
Övladlarım yaşındaydım, –
Onlar uşaq, mən uşaqdım.
Çimməyimiz çəkdi bizim,
Günəşin al şüaları
Göy sularda uzanana,
Aramızda rast gəlmədik
Yorulana, usanana.
Başqa bir vaxt indi çoxdan
”Daha bəsdir, ay uşaqlar”, –
Söyləməyim hazır idi.
İndi mənim özümə də
Bir təpinən lazım idi.
Uşaqlar çox sevindilər,
Göz vurdular bir-birinə:
“Kefdir bu gün, dinmə barı!”
Bilmədilər çimdikləri
Bu suya baş vuran kimi
“Batıb getdi” ataları:
Biz çimdik bir xasiyyətli,
Bir yaşlı üç qardaş kimi.
Mən dəymədim heç xətrə də,
Bəs deyincə çimdik belə.
Onlar bu saf göy sularda,
Mənsə uzaq xatirədə.
PAŞANIN İLK UÇUŞU
H.Cavid adına 132 nömrəli məktəbin qayğıkeş müəlliməsi Sitarə xanıma
Məktəbə gedirdi oğlum ilk dəfə,
Doldurdu könlümü qəriblik odu.
Düşdüm birdən-birə
uzaq illərə,
Qışqırdım oradan
səsim çatmadı.
Durdu gözlərimdə ilk müəllimim,
Oğlumdan ayırıb apardı məni,
Mən Göyçayda qaldım,
oğlum Bakıda.
Onu da çağırdı ilk müəllimi.
Təzədən başladım birinci sinfi,
Fikrim orda qaldı,
Gözümsə burda.
Könlümü doldurdu iki həyəcan
Üst-üstə qalanan çırpıntılarda.
Deyirdim, görəsən, ilk söhbətində
Müəllim oğluma nələr deyəcək.
Görəsən, xoşuna gələcəkmidir?
O da qayğıkeşmi müəllimimtək?
Sonuncu zəng oldu,
Göyçayla birgə
Bircə an içincə Bakıya düşdüm,
Oğlumu mən belə firavan, azad,
Mən belə fərəhli heç görməmişdim.
Günlər ötüşdükcə heyrətə saldı,
Mənim ilk balamın ilk müəllimi!
O, hardan bilirmiş həyatımı bəs
Mənim ilk günümdən bu günə kimi?
Nə gözəl duyurdu mənim könlümün
Ən incə,
ən məchul nöqtələrini.
Mənim övladıma olan sevgimin
Bəzən lap həddini aşan yerini.
Nə yaxşı duyurdu, nə vaxt hirslənib,
Nə vaxt da lazımsız can dediyimi.
Bəzən “beş” verirdi hirsimə mənim,
Bəzən pisləyirdi ifrat sevgimi.
Oğlumun qırmızı beşlərindədir
O gözəl insanın müdrik ürəyi.
O təkcə oğluma dərs demir indi,
Öyrədir mənə də necə sevməyi.
UŞAQLAR ÇİMİR
Axşamacan çimsələr
Almaq da istəməzlər
gedib bir hovur çimir.
Səhərdəndir sevincin
mavi
saf dənizində
Neçə şeytan,
Mehriban,
Kefi çağ
Uşaq çimir.
Bəzisi bir tərəfi
göyərmiş daş dalında
Andırır bir ovçunu,
Sevinc ləpəriylə
Dolduraraq ovcunu,
Dostlarının üstünə
səpsə də,
hey səpsə də,
Heç düşməyir maraqdan.
Ey, qaçırsan haraya?
Deyib, ovcu Xəzərlə
Dolu bir balacası
Gəlib çatır haraya.
Bir ovcunda bir Xəzər,
Xırda uşaq Xəzəri,
Ağ dənəvər qum üstə,
Qaçırlar,
Yıxılırlar.
Gah yaralı yoldaşın
başına yığılırlar.
– Ayağın sıyrılıbdır,
Elə bildik qanadı.
Gülüb qaçır uşaqlar.
Hərəsi bir qağayı –
hər əl də bir qanadı
Atılırlar sulara,
Səslər gəlir dənizdən:
– Mən gəmiyəm, gəmiyəm.
– Mən balıqçı qayığı.
– Mən balina kimiyəm.
Üfürürəm dənizi,
Gedib dəyir daşlara.
Qaçır,
aşır,
daşır a.
Uşaqlar ləpə kimi…
Uşaqlar dalğa kimi…
Bircə atom zərrəsi
Görməmiş bir sevincin
Dənizində
Bəxtiyar –
Körpə balalar çimir.
DOSTLAR
Çox da ləpirimizi
Apardı qarlar üstən
Yazdakı sellər, sular.
Könlüm nə döyüntüdən,
Nə də sizdən uzaqdır,
Moskvalı a dostlar!
Dərs günü başlandımı,
Dünyanın hər yerindən
Tələbələr gəldimi,
Tver bulvarını biz
Tez-tələsik ötərik,
Yenə o vaxtkı kimi
Fikirtək səssiz gəlib,
Asta açıb qapını,
Biz girəndə içəri
Eynəkli professor
Diqqətlə göz qıysa da
görməz bu gələnləri.
Oturmarıq.
Durarıq
O vaxt “bizimki” olan
Skamyalar yanında.
Professor danışar;
Həsrətimiz əriyər
Onun həyəcanında.
Xatirədən kövrəlib
Kəsər muhazirəni.
Fikrə gedər arada
Söyləyər: ”Otuz nəfər
Mənə qulaq asardı
Zaman vardı, burada.
O köhnə dostlarımın
Vardı aralarında
Hətta fransız, alman.
Aldatmırsa yaddaşım,
Gəlmişdi o dostların
İkisi də Bakıdan”.
Keçib nöqsanımızdan
Çox da açıb-ağartmaz.
Gülümsəyib bu vaxt biz
Söyləsək də: sağ olun,
Gəlmişik ki, burdayıq.
Çatmaz ona səsimiz.
O silkələr başını,
Tanış mühazirəni
O, yenə də oxuyar.
Qəlbimizdə alışar
Tələbəlik həvəsi,
Könlümüzdə intizar.
“Bizim skamyalarda
Oturmuş cavanlara
Görünməyib yenə də,
Köhnə, doğma sözləri
Bircə-bircə yazarıq
Onların dəftərində.
Bir kimsə duymaz bunu.
Zəng olanda çıxarıq
Görünmədən otaqdan;
Divarların yanında
Sakitcə durar, baxar
Hamıya otuz cavan.
Ötüşsə də qış, bahar,
Bura yenə gələrik,
Oxuyarıq təzədən
Yaşa dolsaq belə, biz.
Saçımıza düşsə də
İllər ötüşdükcə dən.
Qonorar çox olsa da
O vaxtkından yüz dəfə,
Çoxdan xərclədiyimiz
Təqaüdlə yenə də
Bulka alıb yeyərik
Arbatın yanında biz.
Sonra, yataqxanada
Alovlu mübahisə
Qurtarmaz səhərəcən.
Heç günahı olmayan
Bir dahini də qəfil
“Vurarıq” ya siz, ya mən.
Dostluq qədəhi kimi
Dolu günlər, o günlər,
Yenə daşar, tökülər…
Gah futbol meydanından,
Gah şeir gecəsindən
Məğrur səsimiz gələr,
A dostlarım, dostlarım,
Bizim bu sirrimizi
Hardan biləcək dekan:
Hər il yenə oxuyur
Xatirə şöbəsində
Otuz qəlbli bir cavan.
Gələrlər bura hər gün,
Gedərlər burdan hər gün,
Gəzərlər hamısı bir…
Hər səhər Moskvanın
Geniş küçələrində
Otuz cavan yeriyir.
MƏNİM ÖMRÜM
Ömür tənhalıqda bada gedərdi,
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.
Bəzən rastlaşıram özümlə özüm,
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm
Bir deyil, on deyil məzarım mənim.
Torpağın altında çox darıxıram,
Torpağın üstündə nə qədər şənəm.
Gah sağa göz qoyub, sola baxıram,
Hər yerdə mən varam, hər yerdə mənəm.
Deyib: “Nə tez öldü, nə nakam öldü” –
Bəzən gül qoyuram məzarım üstə,
Deyirəm: az güldü, çox azca güldü,
Qoy gülüm, qalmasın arzusu gözdə.
Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.
1954
NƏĞMƏLƏRİN YUVASI
Gecə düşür…
susur bütün nəğmələr,
susur şəhər.
Oğlum Paşa,
Oğlum Azər
deyirlər:
Nəğmələr harda yatır,
Yuvaları hardadır?
Deyirəm ki: – Ay Paşa,
Deyirəm ki: – Ay Azər,
Sizin ürəyinizdə
Gecələyir nəğmələr.
Bir azdan oğlum Paşa
Bir azdan oğlum Azər
Sevindirərək məni
Yatırlar, ürəklərinin
Başına qoyub təmiz,
Balaca əllərini.
GƏL, AZƏRİM
Sənin yerin xəstəxana,
Mənimki boşluq,
Sahilsiz kədər.
Bir sənsən bu sonsuz məmləkətin yiyəsi, –
Gəl, məni gözlətmə bu qədər.
Gəl, könlümün istəyi,
Həsrətimin qənimi,
Sevinc təşnəsi,
Sevinc dilənçisi
Olmağa layiq gördün
mənimi?
Gəl, adın dodağımı
yaxıb-yandırır
Qəfil basılmış köz kimi.
Gəl, ayrılıq adlı
Ən pis xərçəng
Xəstəliyinin həkimi.
Gəl, tut gülüşünlə dünyanı:
Kədər yurdsuz, yuvasız,
Otaqsız qalsın,
Bir qarış bucaqsız qalsın.
Gəl, hər qədəminin altında
Qəlbimin yuvası
Şerimi atım.
Gəl, bıçaq altında
İnildəyən dünyam,
Ürəyim,
Varlığım,
Adım.
Gəl, yaramın üstünə
Gülüşlərini səpələ,
Təbəssümünü saç,
Sözlərini çilə.
Səndən bircə xahişi var
Atanın, gəl,
Yerə salma bu xahişini,
Gəl, ömrümün gərdişi,
Milyon ümidsizliyin hasarını
Bir “gəlirəm!” sözünlə
Yar, gəl!
Sənə vardır ürəyimdə
həmişə etibar, gəl!
Gəlirsənmi?
Səni yaxşı görmək üçün
Kədərimi bir daş kimi
Qoymuşam ayağımın altına,
Qalmışam boylana-boylana,
Gələcəksən!
Tanıyıram həkimlərini,
Tanıyıram səni
Bir dəfə də salmamısan yerə
Atanın xahişini.
1964
UŞAQ DEYİR Kİ, MƏNƏ
Uşaq deyir ki, mənə
Bir ovuc dəniz verin,
Bir stəkan Kür verin,
Araz verin,
tez verin.
Bircə qurtum su verin, –
Bir çıxımlıq dağ verin,
Uşaq üçün dünya ev,
Göy də mavi bir tavan,
Uşaq üçün hissitək
Bütövdür, safdır cahan.
Məncə, bu sadədillik
Dühayla eyni şeydi.
Bu hiss dahi elədi,
Bəlkə də Eynşteyni…
BAŞININ ÜSTÜNƏ BAX!
Başının üstünə bax!
– Durna qatarıdımı?
– Yoxsa heç nə görmədin?
– Uçdumu? Qurtardımı?
Gözlə görünmür onlar;
Keçir başımız üstdən
Günlər…
Saatlar…anlar…
Qarşılanmamış səhər,
Nəfəs dəyməmiş gecə
Necəsən, başın üstdən
Sözsüz, xəbərsiz keçə?
Saçlarında günlərin
Ayaq tozları qalmış,
Görən deyir gənc deyil,
Yaşa dolub qocalmış.
Nə oldu, nə tutuldun
Tərlədin puçur-puçur?
Başının üstünə bax!
Köçəri günlər uçur!
Köçəri günlər uçur!
İNSAN TƏK DEYİL
Yuxumu evdən qovub
şeirim keçib yerinə,
Səhər yola düşübdür,
yazıb-pozuram yenə.
Günəş özü görünmür,
amma dağlar dalından
qaldırıbdır üfüqə
al-əlvan yelpəyini.
Açıram pəncərəmi,
avazıdır bir qədər
səpsərin yel beyini.
Düşünürəm: mən təkəm,
dünya hələ yatıbdır.
Otağım tənhalığın
dəryasında batıbdır.
Yox, bu belə deyildir,
hətta mən indi belə
bağlıyam yer üzünün
hər uzaq guşəsilə.
Bağlıyam kainatın
hər planetiylə mən,
Bizi fırladan Yerin
mərmi sürətilə mən,
Ürəyim yaman vurur,
Bəlkə həkimə gedim?
Bəlkə dosta gənəşim?
Xeyr!
Çox güman indi
Gur maqnit tufanları
Başlamışdır Günəşin.
Vurur dalğası məni,
Vurur dalğası Yeri…
SANKİ…
Sanki kədər mənim yox,
Mən kədərinki idim.
Neçə gündüz edirdi
Bağrımı didim-didim.
Ürəyim söylədi ki,
sahibi ol bunun sən.
Axı, bircə sənə yox,
dostlara da toxunur.
Onların şad gününü
birdən yasa döndərir.
Gözlərə yağış səpir,
boğazlara tıxanır,
Gələcəyi, keçmişi,
iradəni, ümidi,
düşmənin nifrətini
yığdım bir qoşun etdim,
Mən onu qəlpə-qəlpə
hər gün çapdım,
azaltdım.
Mən onu nəfəsimlə
gilə-gilə əritdim,
O təslim olmayırdı
son zərrəsinə qədər.
Son zərrəsi də qəlbə
sancıldı iynə kimi.
Aldım onun əlindən,
həyatımı,
dostları,
Bir də bu gün yazdığım
Həmin yeni şeirimi.
ŞAİR
Şair Rəsul Rzanın 50 illiyi münasibətilə
Dünyada çoxdur şair,
Necə sayım onların hamısını birbəbir.
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir,
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir.
Amma şair də var ki,
Zamanın doğma oğlu;
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirinin yolu.
Əsrin ahəngi – vəzni,
Müqəyyəd qafiyəsi.
Gah qovuşan cüt ürək…
Gah da ki orkestrin
Toqquşub şaqqıldayan
Qoşa zərb alətitək…
Misraları gah Ayın
Dənizə salladığı
Nur zolağıtək oynaq.
Gah da ağır qatarlı
Qoşa rels kimi
Dümdüz,
Qüdrətli, güclü, parlaq,
Gah qısa yol…
Məqsədə tez yetirən
kəsə yol…
Gah da ki, bu dünyanın
Sinəsinə dolanan
Ekvatorla
Meridian.
Belə şair də vardır:
Onun ömrünün yolu
Bir əbədi yazadır.
O, sözlər sərkərdəsi,
Fikirlər qəhrəmanı
Şair Rəsul Rzadır.
HABİL
O zaman –
deyəsən, vaxt qovuşanda
Şeirlə musiqi bir ucalırdı.
Bütün könüllərin sifarişiylə
Damcılı bulaqda Habil çalırdı,
Elə bil köksündən çəkib çıxarır
Titrək kəmanəni bir xəncər kimi,
Ondakı ağrını,
qanı,
kəlamı
Töküb,
titrədirdi hər gümüş simi.
Sözlü ürəyinə əyib başını,
Hər bir adiliyə yumub gözünü
Çalır,
yırğalanır səs dəryasında.
O çalmır elə bil…
Unutmuş bizi,
Dərin bir yuxuya yuvarlanıbdır.
Hansı əsrdəsə ilişib qalıb,
Neçə əsrdir ki, xumarlanıbdır.
Əli – kəmanədir,
kəmanə – əli.
Çalır kamançanı
kəmanə özü.
Gözümdə ilk məna dəyişir,
dönür.
Dünya düşəcəkmi sahmanə özü?
Elə bil unudub segahı Habil.
Qırılsa musiqi, o neynəyəcək?
Habil ilan dili çıxarır, nədir,
Arzu qızmarında ilantutantək.
Ürəyi çırpınır barmaqlarında,
Onlardan tökülür simlərə nəbzi.
Özü də bilmir ki, çalır,
ya çalmır;
Nə dünyanı görür Habil,
nə bizi.
Axır kəlmə-kəlmə Damcılı bulaq,
Qüvvəti Habilin əllərindədir,
Əllərin əmriylə axır şarhaşar,
Gah da sar sözütək tökülür bir-bir.
Habilin gözünə qonur damlalar, –
Eşqilə simlərə qonur damcılar.
Qonur, Habil isə yumur gözünü,
Qorxur ki, damlalar
düşər,
dağılar.
Segah gah uzanır bir ağrı kimi,
Onu üfüqlərə sancır kəmanə.
Düşüb Yer kürəsi gah bir guşəyə,
Cah sakit fırlanır, gah yana-yana.
1969
HEÇ KİM MƏNİ BAŞA DÜŞMƏZ
Heç kim məni başa düşməz,
Bəlkə aydınlığımdandır.
Qafiyə düz olmasa da,
Bəlkə də yandığımdandır.
Məni dəhşət
alıbdır çox,
Zülməti korlar da görür.
Qoy hünərin varsa sənin
Hamı üçün işıq saçan
Günün qızıl gözlərinin
içinə düz bax!
ÖLÜM, SEVİNMƏ ÇOX…
Səməd Vurğuna
Ölüm, şöhrətinmi azalardı de,
Tanışdı onsuz da cahana adın.
Sənə nə olardı, nə olardı de,
Belə bir insana əl vurmasaydın?
Gedir, şair gedir, sənətkar gedir,
Bu gedən hər gedib-gələndən deyil.
Ölüm, sevinmə çox, bu sevinc nədir?!
Bu ölən, sənə hər öləndən deyil,
O yazdı, yaratdı həyat naminə,
Onun hər bir şeiri ölümdür sənə!
1965
QIŞ GÜNÜNDƏ
Şaxta,
sazaq…
Maşın tərpənmir yerindən,
Şofer əllərini
hirsli-hirsli
yanlarına çırpır.
– Benzini az götürmüşdüm, –
deyir, – mən.
Yığırıq çır-çırpı
Bir ocaq çatmaq üçün,
Ocaq alışmır
Şofer əlyazmalarıma baxır
gözucu.
Çıxarıram bir-bir:
bu ballada,
bu şeir,
bu epiqram.
Kibritin titrəyən
alovu altına atıram.
Bircə şeirim qalır ki,
Heç onu yandıracağımız kimi,
çap etdirməyi də,
fikirləşməmişəm.
Gözümdə qaralır aləm,
Ocaq istəyr alışsın,
İstəyir alışmasın.
İstəyir məftil kimi,
damarlarımda
bərkisin qanım.
İstəyir şaxtada yanım,
Vermərəm o şeirimi.
Vermərəm könlümün
müqəddəs guşəsindən
bəzi şeirləri
verməyəcəyim kimi.
Qəmlənirəm bu ara,
şaxta redaktorun
yandırdığı soyuq sözündən sonra.
Bildim ki, insan
nə qədər yanılarmış,
O qədər yazı içində
bircə şeirim varmış.
BÜLBÜLÜN XATİRƏSİNƏ
Nə səni dindirdi ölüm,
nə bizi,
Söndürdü nəğməylə
yaşayan nəbzi.
İnsan dəryasında bir qayıq kimi
axdı tabutun.
Bu zaman cəh cəhlə ucaldı səsin,
Ucaldı,
Söylədi: – Qəmi unudun.
Hamı fikrə getdi,
səni dinlədi.
Coşub bir-birinə dedi min könül:
Hamıtək ölümə məruz Bülbülü
Oxuyub dəfn edir ölümsüz Bülbül.
SƏNƏT EŞQİ
Müəllimim Akif Süleymanova
Sən dedin könlünün sənət eşqini
Arzu aləmində diqqətlə yoxla.
Sən onu min hissin içində ara,
Qoyma küsüb gedə, uça, yox ola.
Getsə, çağırsan da qayıtmaz geri,
Deyək, lap qayıtdı, harda qalacaq?
Geri qayıdanda sənin o arzun,
Yerini başqası tutmuş olacaq.
Arzular hamısı əzizdir bizə,
Amma onların da bir şahı olur,
O sənin könlünün ən uca səsi,
Ömrünün bu günü, sabahı olur.
Sən onu tapmasan, bütün nəğmələr
Eyni bir hüsndə, ahəngdə olur.
Təbiət itirir rəngarəngliyi,
Bütün Yer kürəsi bir rəngdə olur.
Əziz müəllimim!
Sən müdir idin.
Yox, çıxmaz yadımdan
bir dərnək açdın,
Dərnəyin rəhbəri bir yanda qaldı,
Sən dərnək apardın, sən ürək açdın,
Bir axşam dedin ki, möhkəm ol, Əli!
Səninki şeirdir,
səninki sənət!
Dedin o sözləri bir dostuma da
Nə isə… qisməti deyilmiş əlbət.
Sənin işarənlə tapdım ünvanı,
Döydüm Füzulinin qapısını mən.
Sənin o sözlərin deyilməsəydi,
Nəçiydim indi mən,
hardaydım görən?
Bəlkə də hələ də sərgərdan idim
Tapmaq istəyirdim əsl yerimi.
Başqa bir sənətin hücrələrində
Qısılıb qalmışdım bir qərib kimi.
Şeir dünyasında qərib deyiləm,
Sözüm olmasa da o qədər dərin,
Hər şeir yazanda ilk misra kimi
Durur göz önümdə sənin sözlərin.
VAN QOQUN GÜNƏŞİ
İrvinq Stonunun “Həyat təşnəsi” əsərini oxuyarkən…
Səhərdən axşamacan
Gəzdi altında günün;
Gunəşi görüb, duyub.
Fırçasının gücüylə
dünyada başqa,
yeni
bir Günəş almaq üçün.
Yandırdı varlığını
Günəşin hər şüası;
qaraldı bət-bənizi.
Töküldü dalğa-dalğa
sinəsinə, başına,
Günəşin al dənizi.
Qəlbin odu bir yandan,
göyün odu bir yandan;
qorxmadı,
çəkinmədi
Van Qoq bu yanhayandan.
Baxmayıb qızmar günün
alovuna,
közünə,
yığdı bir ucu göydə,
bir ucu yerdə olan
qızılı şuaları
qabarmış sinəsinə,
ürəyinə, gözünə,
yapışdı şualardan,
Gunəşi çəkib-çəkib
yerə salmaq istədi.
Günəşin qucağında
yanıb-yanıb,
yaxılmaq,
Günəşin qucağında
bir əbədi,
vəfalı
sakin olmaq istədi.
Alışdı,
yandı Van Qoq.
Bir ucu gözlərində,
Bir ucu göydə olan,
kainatı dolduran,
yanğını ərşə dayaq
Şüalar arasında,
rənglərin əfsanəvi,
qarışıq dünyasında.
Görənlər düşündülər:
“Yazıq bezib həyatdan,
öz canına zülm edir”.
Birdən
çökdü Van Qoqun
işığa,
rəngə həris
alıcı gözlərinə
sanki qütbün zülməti.
Vurmuşdu məhəbbətin
Alovuyla onu gün,
qovuşmuşdu Van Qoqa
Bir daha ayrılmamaq,
Uzaq olmamaq üçün.
Van-Qoq səndirləyərək
əllərini uzatdı
Günəşin gecəsinə,
zülmətin göylərinə.
Günü tutub, oxşamaq,
saxlamaq arzusuyla.
Yıxıldı sonra günün
Zülmət ucalığından.
Üzünə su səpdilər,
sönərmi arzu suyla?
Günəş sönərmi suyla?
Yaman yanırdı Van Qoq,
Ürəyi hay-harayda
Bir günəş alışırdı
Köksündə köksü boyda,
Üzündə üzü boyda.
Qarsımış dodağından
Hərdən köz kimi düşən
Sözündə sözü boyda.
Gecə yarıydı artıq…
Qurtarmışdı görüşlər,
xoş söhbətlər,
gülüşlər.
Tökülürdü Van Qoqun
Dodağından arabir
Xırda-xırda günəşlər:
– Niyə batdın, ey Günəş?
Odun var,
işığın yox.
Gəl, gözümə düş mənim,
Ey ağrısı, –
dərdi xoş!
Ey yanğısı vəfalı!
Ey varlığım!
Ey canım!
Ey sevimli düşmənim!
1.E. Heminquey nəzərdə tutulur
Bepul matn qismi tugad.
15 572,89 s`om
31 145,78 s`om
−50%
Janrlar va teglar
Yosh cheklamasi:
16+Litresda chiqarilgan sana:
18 oktyabr 2022Hajm:
161 Sahifa 2 illyustratsiayalarISBN:
978-9952-8450-1-5Mualliflik huquqi egasi:
JekaPrint