Kitobni o'qish: «Qartallar sınır tanımaz»

Shrift:

Azərbaycanın Qızıl Ordu tərəfindən 27 Aprel 1920-ci ildə işğal edilməsinin 100-cü ildönümündə babam Məmməd Babanın, atam Aloy Hacının və bütün Qafqaz Qartallarının əziz xatirələrinə ithaf edirəm.


Gənclərin, saxta tarixlərin pəncəsindən qurtulması üçün onlara atalarının həqiqi həyat hekayələrini sunmaq lazımdır.


Birinci Bölüm
Silahlı Təşkilat

Dindirmə Otağında…


Bütünlüklə daşdan tikilmə iki qatlı Kars Milli Əmniyyət Xidmətləri Rəisliyi binasının dindirmə otaqlarından biri… Bu heybətli məkanda yaşanan nə ilk, nə də son dindirmədir bu.

Ah! Mümkün olsaydı, boydan-boya cızıq-cızıq yazılarla dolu bu divarlar dil açıb danışa bilsəydi, maraq göstərən adama nələr söyləməzdi. Başınızı azca qaldırıb yuxarıya, tavana baxarmısınız? İllər boyu sobanın tüstü-dumanı canına hopduqca necə də tündləşərək kirli qəhvəyi rəngə çalır. Bu sarı şam taxtalar azmı şahidlik etmişdir məzlumların çarəsiz baxışlarına, məsum igidlərin kükrəyişinə… Dəmir barmaqlıqların mühafizəsində tünd külrəngi pəncərəaltıların arasındakı səkkiz təbəqə kirli şüşəyə nə deyərsiniz? Kim bilir, göy gurultusunu andıran nə qədər hiddətlər, nə qədər şantajlar, nə qədər ümidsiz yalvarışlar onda əks-səda vermişdir şəhərin laqeydliyinə. Quşların qanad çırpıntıları, məhdud görüntüləri pəncərədən bu rütubətli məkana düşərkən bir ümid olmuşdurmu görəsən… Bəs bulanıq mavi cilalı bu masaya nə deyərsiniz? Adi bir fırçayla insanın gözünə batarcasına kobudluqla işlənmiş inventar nömrəsi neçə il öncə yazılmışdır görəsən? Kiçicik otağa sabitlənmiş, küncü-bucağı yer-yer çatlaq, çuqun və taxta qarışığı masa dilə gəlsəydi, sizcə, gördüyü bu qədər xəyanət arasında hansını seçərdi anlatmaq üçün?

İstər divar, istər tavan, bir pəncərə və ya qaranlıq siyirməsində bu qədər sirri qoruyub saxlayan bir masa, fərqi nəymiş? Yetər ki, biri dilə gələydi…

Əmin olun, eşidib biləcəyiniz hekayət bu qorxunc məkanda yaşanan nə ilk olardı, nə də sonuncu…

* * *

“Neçə ildir qaçaqsan?”

“On ildən çoxdur.”

“Dağda kimlərlə atışdınız?”

“Bolşeviklərlə! Daha çox qarşımıza ermənilər çıxdı. Sonra satqınlar… Ruslar aralıda dayandılar! Bu arada bir neçə yoldaşımız şəhid oldu, bir neçəsi yaralandı.”

“Bütün bu müddət ərzində dağlardamı qaldınız?”

“1927-də inqilabın on illiyi ilə bağlı olaraq əfv elan olundu, biz də dağdan endik. Bolşeviklər bizi hökumət orqanları ilə əməkdaşlığa çağırdı, qəbul etmədik.”

“Hamı bir nəfər kimi qəbul etmədi?”

“Bəzi yoldaşlarımız çoluq-çocuğunu, anasını, atasını ölümdən qurtara bilmək üçün razılıq verib, müxtəlif idarələrdə işə təyin olundular. Bizim kimi əməkdaşlığa yaxın getməyənləri yenidən təqib etməyə, sıxma-boğmaya başladılar. Üç-beş il başımızı birtəhər saxladıq. Sonunda məcburən ikinci vətən bildiyimiz Türkiyəyə sığındıq. Canımızın yarısı sınırın o tayında qaldı. Acılarmızı da özümüzlə gətirdik.”

“Əməllərindən peşmansanmı?”

“Nəyə görə peşman olmalıyıq? Biz Mövlananın dərgahında deyilik ki. Sovetlerin zulmü altındayıq. Anamızı, atamızı, orada qoyub canımızı birtəhər qurtardıq. Qoynu dolu arvadını o diyarda qoyub qaçmağa məcbur olsaydın, sən nə edərdin? Peşman olub da haqq, hüquq tanımayan, zülm yağdıran bir hökumətə xoş üzləmi baxacaqdım? Zalımlara qarşı çıxmaqdan, bu qədər suçsuz-günahsız insanımızın canına qəsd edən düşmənlə savaşıb intiqam almaqdan niyə peşman olmalıyam? Əksinə, onlardan qisas aldıqca ürəyimizə sərin su səpilir. Haqsız bir iş görmürük ki, peşman da olaq.”

“…”

“Harada qalırsan?”

“Qarabağlı Hanında.”

“Dövlət sənə ev-eşik, mülk vermədimi?”

“Verdi, fəqət almadım.”

“Niyə almadın?”

“Bəyim, ölkəmizi əlimizdən aldılar. Bizə dağ-daşı məskən tutmaqdan başqa yol qoymadılar. Qarımızı, qızımızı Sibir vilayətlərinə sürgün etdilər. Din adamlarımızı, alimlərimizi suçsuz yerə güllələdilər. Xalqımızı səbəbsiz yerə qırırlar. Bütün bunların haqq-hesabını çürütmədən necə ola bilər ki, mən Türkiyə hökumətinin verdiyi payı alıb, heç bir şey olmamış kimi üstündə yatım? Biz and içmişik, ölkəmizi işğaldan, xalqımızı Sovet zülmündən qurtarmadan silahımızı yerə qoymayacağıq.”

“Türk dövlətinin verdiyi evi-eşiyi, mülkü, tarlanı, çayırı-çəməni alıb yenə mücadiləyə davam etsən olmazdımı?”

“Olmaz, əfəndim, olmaz! Sərvət sahibi insan mücadilə edəmməz. Başını qaldırıb ətrafına baxammaz. Malının-mülkünün əsiri olar. Ayıb olsa da, önünə atılan sümüyü yalayan köpəyə dönər.”

“Bilmirəm bunun fərqindəsinizmi? Bizim qanunlar sizə burada suç işləmək haqqı vermir.”

“Bəy əfəndi, baxınız, bizim dərd-sərimiz bolşeviklərlədir. Biz türkük və Türk millətinin varlığı üçün mücadilə edirik. Bu gün qədrimizi, qiymətimizi bilməsəniz, sabah meydan satılmışlara qalar. Qarşınızdakılar satqınlar olar.”

“Biz nə edəcəyimizi səndən öyrənəsi deyilik. Sən suallara cavab ver. Filosofluq etmə.”

“Xətrinizə dəyməsin, amma müsaidənizlə bunu da deyim. Əgər nə edəcəyinizi yaxşı bilsəydiniz, Orta Şərqin bir neçə saxtakar, ikiüzlü əşirətini dost bilib Krım xalqına, Gəray xanlara, qəhrəman Qafqaz xalqlarına, Şeyx Şamillərə arxanızı çevirməzdiniz.”

* * *

Bolşeviklər hakimiyyəti ələ keçirmiş, çox keçmədən yeni, canavar – gerçək sifətini göstərmişdi.

Sovet zülmündən qaçan Qafqazlı aydınların sığındığı şəhərlərdən birinə çevrilmişdi Berlin. Onların arasında önə çıxan biri vardı, Əli Əhmədoğlu. Onun düşüncəsincə, Qafqaz türklərinin Sovet işğalından sonra dağılıb əriməmələri və fürsət gələndə təkrar ayağa qalxmaları üçün təşkilatlanmaları şərtdir. Bu işə əksəriyyəti Qarsda dolaşan qaçaqlardan başlanmalı, öncəliklə onlar təşkilatlandırılmalı. Əhmədoğlu, bu yöndəki fikrini gerçəkləşdirmək üçün ən güvəndiyi əqidə dostlarından Doktor Sultanovu aradı. İndilərdə hər biri özünə görə bir sipərə çəkilmiş, gözünü budaqdan ayırmayan qartal balalarını oyandırma vəzifəsini ona həvalə etdi.

Qurulacaq təşkilata daxil olan hər üzv lazım gəldikdə Sovet ərazisinə keçəcək, aksiyalara baş vuracaq, adam qaçıracaq; qısa deyilsə, ölməyi və öldürməyi gözünün altına alacaqdı.

Novorossiysk Universiteti Tibb fakültəsini bitirən Sultanov, Azərbaycanın ilk bağımsızlıq hərəkatında fəal iştirak etmiş, qısa ömürlü Milli Məclisdə millət vəkili olmuş, nazir vəzifələrində çalışmışdı. Kommunist hakimiyyətinin təqiblərinə uğrayınca Avropaya getmiş; Paris, İstanbul, Tehran xəttində qurduğu komitələrlə bolşeviklərə və erməni daşnaklara qarşı mücadiləyə başlamışdı. İndi bunların bir bənzərini Qarsda həyata keçirəcəkdi. Qaçaqlar ən yaxşı silahlarla təmin olunacaq və bu amacla yönləndirilib fəaliyyətdə olmaları yoluna qoyulacaqdı.

Doktor Sultanov öncəki nəslin önəmli siması Ənvər Paşanın heyranıydı. Paşanın Təşkilati-Məxsusənin qurulmasındakı rolunu, 15 sentyabr 1918-ci ildə Bakının, qardaşı Nuru Paşa tərəfindən alınmasındakı qərarlılığını çok təqdir edirdi. Böyük savaşdakı məğlubiyyətdən sonra əzmini itirmədən Türküstana getməsi, ata yurdunda ruslarla savaşarkən şəhid olması Sultanovun gözündə Paşanı daha da etibarlı bir mövqeyə yüksəltmişdi.

Doktor Sultanov təşkilatlanma məsələsini qaçaqlarla üz-üzə müzakirə edəcəkdi. Özünün Qarsa getməsi o qədər də ağıllı bir iş olmazdı. Mütləq izlənəcəkdi. Sovet hüdudunda əhalisi çox da qələbəlik olmayan bu şəhərə kənardan birinin gəlməsinin diqqəti çəkəcəyi kimi, görüşəcəyi adamlar da böyük ehtimalla rus agentləri tərəfindən izlənmə altında olduqlarından sıxıntı yarana bilərdi. Ən yaxşısı onları İstanbula çağırmaqdı. Hər gün minlərcə müsafiri ağırlayan bu ticarət və mədəniyyət şəhərinə on beş-iyirmi kişinin gəldiyi kimsənin diqqətini çəkməzdi.

Qafqazlarda bir silsilə macəradan sonra Qars və civarında yerləşmək zorunda qalan qaçaqların bir-birləriylə rabitəsinin olduğunu bilirdi. İstanbula gələr-gəlməz vaxt itirmədən Qaçaq Nurunu aradı. Ona xəbər uçurması digərlərinin də İstanbula gəlməsinə kifayət etmişdi. Bosforun Anadolu yaxasında gözlərdən uzaq ortabab bir hotelin zirzəmi qatında, kiçik bir salonda bir araya gəlmişdilər.

Toplantıya qatılan qaçaqların çoxu bir-birini tanıyırdı. Bolşeviklərə qarşı mücadilə edərkən fərqli dəstələrdə yer alsalar da, Qafqazın dağlarından, yüksək yaylaları və vadilərindən ortaq istifadə etmiş insanlardı. Hər birinin keçmişində altun medallara layiq işlər vardı.

Doktor Sultanov, müsafirlərini salamladıqdan sonra hər birini tərif dolu cümlələrlə salondakılara təqdim etdi. Ardından:

“Dəyərli dostlar! Dəvətimizə hörmət göstərməklə bizlərə şərəf verdiniz. Sizlərə Almanyadan Əli Əhmədoğlunun salamını gətirdim”, – dedi.

Qaçaqlar arasında Azərbaycan hürriyyət mücadiləsinin öncülərindən Məmməd Əmin Rəsulzadənin Əli Əhmədoğlu gizli ismindən istifadə etdiyini bilməyən yoxdu.

Salondakılar əllərini ürəklərinin üstünə qoyub başlarını əyərək Əhmədoğlunun salamını aldılar. Sıra Sultanovun müsafirlərə dəvətin məqsədini açıqlamasına gəlmişdi.

“Arkadaşlar, Rus Çarlığı Qafqaz xalqlarına, özəlliklə də türk soylulara eləmədiyi pislik qoymadı. Bizlər, bolşevik ixtilalının ardınca rahatlığa qovuşmağı gözlərkən yeni hakimiyyət özündən əvvəlkinə rəhmət oxudur. Törətdikləri zülm ərşə dayandı. Görülən budur ki, durub-dayanmaq fikirləri yoxdur. Kommunist hakimiyyətinin əmrindəki ÇK və NKVD təşkilatları izinsiz bağa girən zorakılar misalı önünə çıxanları qırıb çatmaqda. İstədiklərini asıb kəsməkdə, istədiklərini zindanlara atmaqda əngəl görmürlər. “Kollektivləşmə”, yəni kolxoz sistemini yerləşdirmək adına ölkədə tam mənasıyla bir zülm idarəsi qurmuşlar. Sizlər hər nə qədər Türkiyəyə keçmiş olsanız da, könlünüzün və qulağınızın orada olduğunu bilirəm. Kənd və şəhərlərin elit təbəqəsinin yox edildiyini, bir inəyi, bir neçə qoyunu, bir eşşəyi olan adamların “kulak” suçlamasıyla, yəni varlı-hallı və qolçomaq qəbul edilərək sürgünə göndərildiyini eşitməyən yoxdur. Soydaşlarımız qəsdən yaşamaqda çətinliklər çəkəcəkləri, malyariya xəstəliyinin geniş yayıldığı Qaraqalpakstan çöllərinə, Aral gölü sahillərinə göndərilməkdədir.”

Doktor bölgə haqqındakı dərin bilgisiylə, o coğrafiyada yaşananları bir-bir sıralamaya davam edirdi.

“Bolşevik zülmünə əngəl görülən nüfuzlu, etibarlı alimlər bir-bir ortadan qaldırılmaqdadır. Qurani-Kərimi ilk dəfə Azərbaycan türkcəsinə çevirən Bakı Qazisi Mir Məhəmməd Kərim, Nargin adasında işgəncə görməkdədir. Əgər bu zalımların törətdikləri zülmün hesabı sorulmazsa, bizim gözəl Qafqazımızda elm adamı, aydın, yazar, şair, açıq düşünən insan qoymayacaqlar. Hər birinə bir qulp taxıb bir bəhanə ilə yox edirlər. Sizdən soruşuram: Alimsiz, şairsiz, yazarsız, sənətkarsız topluluqlar millət olma tərifini qoruya bilirmi?”

Bu sual salondakıları dərin bir səssizliyə sürükləmişdi.

Bolşeviklərə qarşı on ildən artıq mücadilə edən qaçaqlardan Aloy Hacı səsini yüksəldərək:

“Əsla!” – deyərək səssizliyi pozdu. “Əsla millət olaraq qalammaz! Zatən onların niyyəti bizim kökümüzü qurutmaqdır. İstəyirlər ki, biz qınımıza çəkilək, onların qorxuya əsaslanan zülm üsul-idarəsi əbədiyyən sürsün.”

Başıyla Aloyu salamlayan Sultanov önündəki stəkandan bir neçə udum su alıb nəfəsini dərəndə salonda hiddətli bir uğultu başladı. Sultanov astadan öskürüncə hər kəs yenidən onu dinləməyə yönəldi.

“Bir işə baxın! Birinci Dünya Savaşı və bolşevik ixtilalı illərində hər coğrafiyada türklərə qarşı alçaqca hücumlar təşkil edən erməni çətə mənsubları indilərdə Qızıl Ordu səflərindən ayrılaraq ÇK və NKVD təməlində iş görən olublar. Daşnak ünsürləri xəyanətlərini daha şiddətli bir şəkildə davam etdirmənin yolunu tapıblar. Aldığımız məlumata görə, Azərbaycanın bütün NKVD şöbələrinin başına erməni çətəçilər gətirilib. Qazax mərkəzinə Xoren Qriqoryan, Astaranın başına Arakelov, Lerikə Xaçaturyan, Ağcabədiyə Sərkisyan, Cəbrayıla Avanesov, Astraxanbazara Avakyan təyin olunub; sizə daha hansı birini sayım! Bunların hər birinin əlində millətimizin övladlarının qanı var. Çoxusu, erməni general Andronikin əmriylə Ərdahan, Ərzurum, Qars, Ərzincan, Muş, Vanda xalqa zülm edib qətliam törədən cəlladlardır. Bir qismi də Bakı, Gəncə, Qarabağ və Naxçıvanda acımasızca qan tökən vampir təbiətli məxluqlardır. Zəngilana Zarqoryan, Yardımlıya Sevonyan, Masallıya Aşot Avanesyan, Biləsuvara Zakaryan, Samuxa Petrosyan, Qaryaginə Saskov Şixanyan təyin edilmişlər. Bildiyimiz qədəriylə hamısı Daşnak firqəsinin sadiq üzvləridir. NKVD-nin yuxarı orqanlarında vəzifə verilən Markaryan, Lavrenti Beriya, Qriqoryan kimi generallarla, yardımçıları Sərkisyan və Simonyanın hansı millətdən olduğunu söyləməyə gərək varmı?”

Doktorun dilə gətirdiyi hər isim qaçaqların başına sanki bir çəkic kimi enir, o saydıqca salondakılar zərbə üstünə zərbə alırdılar. Sonunda dayana bilməyən Qaçaq Nuru:

“Hörmətli Sultanov, üzr istəyirəm, sözünüzü kəsirəm, amma o boyda Bakıda adam yoxmu? Bu qədər hərbçi, polis, qazi, qəhrəman hara getdi? Onlara həddini bildirəcək kimsə qalmadımı?” – deyə soruşdu.

“Dəyərli qardaşım, elə bunun üçün toplanmışıq. Bunu biz edəcəyik. Müsaidə edərsinizsə, izahını verə bilərəm: Baxın, ölkəni guya bolşeviklər idarə etməkdədir. Halbuki işin əsası çox fərqlidir. Moskva Azərbaycanı erməni çətəçilərə idarə etdirməkdədir. Bir neçə əsil-nəsəbi olmayan başıboşdan savayı bölgələrdə türk yetkili qoymadılar. Bu durumu qəbul etməmiz mümkün deyil. Mütləq bir şeylər etməliyik.”

Doktor, salondakıları gözləriylə süzərkən baxışlarını təkrar Qaçaq Nurunun üzərinə çevirdi.

“Nuru qardaşımız haqlı olaraq “O boyda Azərbaycanı bir neçə min erməni və rus necə aciz günə sala bilir?” deyə soruşur. Bax, məsələnin kökü burdadır.

Dostlar! Təşkilatlanmamış xalq quru yığnaqdan ibarətdir. Təşkilatı olmayan kütlələr bir şey edə bilməz. Kütləni təşkilatlandırmaq gərək. Xatirinizdə olar, 1923-dən etibarən Azərbaycanın yurd dışında yüksək təhsil görmüş aydınlarına “müsavatçı” və “casus” damğası vuraraq hamısını Solovetsk adalarına sürgün etdilər. Anlayacağınız rus ağlı ermənilər vasitəsilə bizləri elm, sənət və texniki sahələrdə geri qoymaq üçün əlindən gələni edir. Nə qədər yetişmiş aydın varsa, bir qulp taxıb başına iş açırlar. Gecikmədən hərəkətə keçməsək, Azərbaycanı çox pis günlər gözləməkdə.”

Dərd ortadaydı, bəs çarə nəydi? Toplantıda iştirak edən hər qaçaq, ətrafına boylanaraq bu sualın cavabını arayırdı. Sonunda Borluklu dillənib ağlındakı sualı dilinə gətirdi.

“Nə edə bilərik? İçində bulunduğumuz şərait bəlli, əlimizdən nə gəlir?”

Borluklunun sualına dair Azərbaycan Məclisinin ilk millət vəkillərindən biri olan Baba Məmmədov əlini qaldırdı

“Baxınız, öncəki sənə Qaçaq Nuru, Aloy Hacı və yoldaşlarının Gürcüstana keçərək türk xanımlarını qamçılayıb təpikləyən ÇK rəisini Qarayazı ormanında öldürmələri bolşeviklərin gözünü qorxutdu. Artıq qadın və qızlara kimsə açıqdan-açığa əl qaldır bilmir.”

Sultanov:

“Məmmədovun bu xatırlatmasından sonra mənim görüşüm budur ki, qaçaqlar olaraq məkanımız dəyişmiş olsa da, vəzifəmiz dəyişmir. Hər şəraitdə millətimizin çıxarlarını qoruma məsuliyyəti yenə bizim öhdəmizə düşməkdədir. Xalqımızı bu zülmdən qurtarıb dincliyə qovuşdurmaq üçün onlara yerinə görə yol göstərən, yerinə görə qalxan olmalıyıq.”

O ana qədər deyilənləri dinləməklə kifayətlənən Xozeyin:

“Gərəkirsə onlar üçün canımızı fəda edəcəyimiz bilinməli”, – deyə səsini yüksəltdi.

Xozeyinə gözləriylə təşəkkür edən Sultanov sözünə davam etdi.

“Kin və nifrət üzərində qurulan Kommunist sistemi kimsəni dinləmir. Çarlığın devrilməsindən illər keçməsinə rəğmən qan tökməklə məşğuldurlar. Məmləkətdə haqq, hüquq, ədalət deyə bir şey qalmadı. Burası bir gerçəkdir ki, onların anladığı tək dil varsa, o da qüvvətdir. Qüvvətimizi göstərməyi bacarmasaq, o zalımları durdura bilmərik. Bunun üçün mütləq silahlı bir təşkilat qurmalıyıq. Bax, sizi bunun üçün dəvət etdim. Silahlı mücadiləyə varmısınız?”

Sultanovun sözlərini böyük bir diqqətlə dinləyən qaçaqlar öz aralarında pıçıldaşar kimi olsalar da, bu qısa sürdü. Hamısı yerbəyerdən:

“Başqa yolmu var? Bizim də istədiyimiz budur!”, – deyincə gözlərini təkrar qaçaqların üzərində dolaşdıran Doktor:

“Təşəkkür edirəm. Cənabi Allah sizi xalqımıza çox görməsin!” – şəklində məmnuniyyətini dilə gətirdikdən sonra: "Təfərrüata keçmədən öncə ikram edilən çaylarımızı içək", – dedi.

Hotel xidmətçisinin boş stəkanları yığışdırıb getməsindən sonra iclas yenidən başlayacaqdı. Təcrübəli qartallar bu işdə özlərinə necə bir vəzifə düşəcəyinin marağı içindəydi. Qaçaqlar arasında öncəlikli olaraq bir vəzifə paylaşımı ediləcək, təşkilat içində kimin hansı işi öhdəsinə götürəcəyi qətiləşəcəkdi.

Sultanov:

“Arkadaşlar, öncəliklə sahələr üzrə məsul şəxslərimizi təsbit edək: Uyğun görürsünüzsə, təşkilatımızın böyükləri ilə rabitəni mən öhdəmə götürüm”, – dedikdə Qaçaq Nuru və İsmayıl Baladan:

“Uygundur!” – sözləri yüksəldi.

Bir müddət qaçaqlardan başqa fikir eşidiləcəkmi deyə gözləyən Doktor sözlərinə belə davam etdi:

“Silah və sursat işlərindən Xozeyin məsul olsun. Düşərgə idarəçiliyi və təlim işlərini Qaçaq Nuru yürütsün. Pul-para işlərinə də Quruş baxsın, deyə düşünürəm.”

Söz alan Qaçaq Nuru:

“Təşkilat demək xəbərləşmə deməkdir. Güvənli bir xəbərləşmə olmazsa, dəstəmiz pis vəziyyətə düşər. Qərarlarımızı, kimdən nə alacağımızı, kimə nə verəcəyimizi necə təqib edəcəyik?” – deyə soruşdu. Bunun üzərinə Sultanov:

“Xəbərləşmədə istifadə olunacaq məktub və teleqramların Kazım Paşa Caddəsinin arxa küçəsindəki Qafqaz muhaciri Baqqal Mustafanın adresinə göndərilməsinin uygun olacağını düşünürəm”.

* * *

Vəzifə paylaşımı məmnuniyyətlə qəbul edilmiş, ən önəmli xüsus olan düşərgə yerinin təsbitinə keçilmişdi. Doktor Sultanov:

“Düşərgə yeri olaraq haranı düşünürsünüz?” – deyə soruşdu.

İlk öncə fikrini ifadə edən Borluklu oldu.

“Qarsın güneyindəki Borluk yaylası, Kiçik Yusuf dağı və Farmason Karakale köyü civarı bu iş üçün məncə çox ideal yerdir. Bir zamanlar amerikalıların himayəsindəki protestant ermənilər buralardan mərkəz olaraq istifadə etmişlər.”

Əlini qaldıran Zavodlu:

“Borluk yaylası Qarsa çox yaxın və çılpaq bir ərazidir. Yaxınında lazım gəldikdə sığınılacaq orman-filan yoxdur. Məncə Şavşat Birbilan yaylası daha uygundur. Gürcüstan və Sovet sınırına yaxın olması da işimizi asanlaşdırar”, – dedi.

“Birbilan yaylası çox yağışlı və qapalı bir yerdir. Hər tərəfi ormandır. Bizim Qazax-Borçalı insanı üçün sıxıcı olar. Ayrıca ormanın giriş-çıxışı dövlətin ciddi nəzarəti altındadır”, – deyən Qaçaq Nuru, Zavodlunun təklifinə müsbət baxmadığını ortaya qoymuş olurdu. Qaçaq Nuru ilə yanaşı oturan Xozeyin əlini qaldırdı.

“Sırtını İlqar dağına söykəmiş Hanak-Damal yaylası daha yaxşı olmazmı? Həm sınıra yaxın, həm də ormanla qoyun qoyuna.”

Qaçaq Nuru:

“Oraları mən yaxşı bilirəm. Ərdahan-Posof yolu ormanın içindən keçərək İlqar dağından aşır. Giriş və çıxışları çox da güvənli deyil”, – deyə eitiraz etdi. “Məncə düşərgə yeri olmağa ən uygun yer Buğatəpə yaylasıdır. Həm Gölə ormanına yaxındır, həm də təminat mənbəyi və sığınaqları çoxdur. Yaylanın bir çox giriş və çıxışı var. Qaranlıq dərə və Çulludan gələn Kür çayının boyunca gedib Buğatəpəyə çıxıla bilər. Qaratavuk köyündən aşağı endikdə Lələvərginis köyünün ətəyindən ormana yetişmək mümkündür. Ərdahana, dolayısıyla sınıra da uzaq deyil. Bir xüsus da var, civar köylərin əksərində bizim Qazax-Borçalı Qarapapaqları məskundur. O yörədə kimsə bizi satmaq fikrinə düşməz, ağzıbirə saldırmaz”.

Qaçaq Nurunun ortaya qoyduğu bu təklifə etiraz edən olmadı.

Buğatəpə yaylasının düşərgə yeri seçilməsinin ardından Həmzə Qarabağlı:

“Hörmətli Sultanov, para və silah məsələsi necə həll olunacaq?” – deyə soruşdu.

“İndilik bir miqdar para gətirmişəm. Quruş təhvil alacaq. Lazım olduqca para Almaniyanın İstanbul Səfirliyi vasitəsilə çatdırılacaq. Xüsusi kuryer ilə Quruşa veriləcək. Almanlardan alınacaq silah və sursat gəmiylə İskəndərun limanına, oradan da yük maşınlarında Karakösəyə göndəriləcək. Xozeyin silah və sursatı təslim alıb Buğatəpə yaylasına çatdıracaq. Əndişəniz olmasın. Gərəkli bilgiləri zamanında məsul arkadaşlara bildirəcəyik.”

Ondan bir şey soruşulmadıqca o qədər də sözə qarışmayan Nağının əl qaldırdığını görən Doktor ona sözünü deməsi üçün işarət etdi. Bir neçə dil bilən bu aydın adam:

“Hər şey yaxşı, xoş, amma ən önəmli xüsusun üstündən keçdik”, – deyə başını yelləyəndə qaçaqlar: “Əcəba, nəyin üstündən keçdik ki?” – deyə düşünməyə başladılar. Nağı:

“İsimsiz təşkilatmı olar?” – deyə sual etdi.

Ömrünün neçə illərini dağlarda keçirmiş qəhrəman Məhəmməd Matos:

“Nağı qardaş haqlıdır!” – deyərək Nağının fikrini bəyənən Matos:

“Uyğun görürsünüzsə, təşkilatımızın adı “Qafqaz İntiqam Qartalları” olsun təklifində bulundu.

Yan-yana oturan Koxalı Hacıxəlil və İsmayıl Bala, ikisi birdən:

“Çox uyğun bir isim”, – deyərək salondakıları gözləriylə süzən Sultanov, hər hansı bir etiraz edilmədiyini görüb:

“Mənə görə də “Qafqaz İntiqam Qartalları” ismi çox uyğundur. Könlümüzdən keçəni çox yaxşı ifadə edən bir isimdir. İnşallah zülmə uğrayan millətimizin acısı bizim acımız olacaq və QİQ də məzlumların ahının təqibçisi olacaqdır. Dəyərli Qafqaz İntiqam Qartalları, yəminimizin ardından çalışmalarınıza başlaya bilərsiniz. Allah cümləmizin yardımçısı olsun”, – deyərək sözlərini bitirdi.

* * *

Doktor Sultanov ünlü qaçaqlardan Qiyas Şıxlinskini də İstanbula dəvət etmişdi. Fərqli bir gündə İstanbula gələn Qiyas Bəy Çarlıq və Azərbaycan Cümhuriyyəti dönəmlərində polis orqanlarıda çalışmış, sovet dönəmində bir müddət Qazax qəzasının Şıxlı, Salahlı, İncə Dərəsi kəndlərini əhatə edən Salahlı Dairəsində milis rəisi olmuşdur. Daha sonra da Nuxa və Zaqatalada siyasi idarənin xüsusi xəfiyyəsi olarkən bir bəhanəylə onun da öldürüləcəyini anlamış və bir neçə yaxın adamıyla dağdakı qaçaqların sırasına daxil olmuşdu. Şəraitin ağırlaşdığını görüb Türkiyəyə keçmişdilər. Sultanovun bilgisi daxilində Naxçıvan sınırından giriş-çıxışları təqib edir; Karakösə, İğdır və Aralıq civarındakı muhacirlərin fəaliyyətlərini yaxından izləyir. İndi Qiyas Şıxlinskiyə yeni bir vəzifə də verilmiş, təməli hotelin zəmin qatında atılan QİQ təşkilatının müfəttişliyi ona həvalə edilmişdi.

Qafqaz İntiqam Qartalları İstanbulda üzərlərinə götürdükləri ağır məsuliyyətlə Qarsa doğru yola çıxmışdılar.

* * *

İkinci Bölüm
Xəyanət

İstanbuldan dönüşündə Borluklunu qorxuyla qarışıq bir rahatsızlıq sarmışdı. İki dəfə Zavodlunun yanına getmiş, birincisində məsələni aça bilməmiş, ikinci gedişində onun da bənzər duyğular içində olduğunu anlamaq gözündən qaçmamışdı. İkisinin də gündüzü düşüncəli, gecəsi sıxıntılı keçirdi.

Bir neçə gün içində rahatsızlığı son həddə çatan Borluklu yenə ulduzları sayaraq sabah erkəndən şəhər klubunun yolunu tutdu. Şapkasını və əsasını qarderoba verib içəri keçdi. Zavodlu patron masasının arxasında təkcə əyləşmişdi. Salamlaşdılar.

“Bu gecə də gözümə yuxu getmədi”, – deyə başladı Borluklu.

“Mən də sən gündəyəm!” – deyən Zavodlu: “Buraya gəlməsəm, sıxıntıdan partlayacaqdım”, – deyə şikayətləndi.

“Bax, nə deyəcəyəm, ağlıma yeni bir fikir gəlib. Həmzəni də yanımıza alaq, deyə düşünürəm.”

“Yaxşı fikirdir, amma onu razı salmaq vaxt apara bilər. Bu axşam Konsulla görüşməmiz artıq razılaşdırılıb”.

* * *

Qarsdakı Sovet Konsulu QİQ-in İstanbuldakı toplantısında alınan qərarları eşidincə müftə mal tapmış tüccara dönmüşdü. Bu xəbərdən dolayı çox məmnun qalan konsul:

“Heç inana bilmirəm. Necə belə bir işə qol qoyarlar? Deyək ki, bunu qaçaqlardan gözləyə bilərik, amma almanlar necə belə bir yanlışa ortaq olublar? Məsələni yaxından təqib etməmiz lazımdır. Sizin toplantıda bulunmanız və bizə xəbər verməniz məni ziyadəsiylə məmnun etdi. İnsanlığın barış içində yaşamasına verdiyiniz töhfə hər hansı təqdirdən yüksəkdə durur”, – dedi.

Bu adam əgər xəbər gətirənlər yanında olmasaydı, sevincindən barmaqlarına zil taxıb oynaya bilərdi.

“Sizə iyirmi dörd saat qapımız açıqdır”, – deyərək xəbərçilərinə irəlidə gətirəcəkləri xəbərlər üçün qapını açıq qoymağı da unutmurdu.

“Lütfən, gələcək məktub və teleqramları dörd gözlə təqib edək. Gəlişmələrdən dərhal xəbərim olsun. Sovet xalqı etdiyiniz bu yaxşılığı qarşılıqsız qoymayacaqdır. Ölkəm adından təşəkkür edirəm.”

Zavodlu:

“Rica edirəm. Biz bu xidməti qarşılıq umaraq deyil, ölkələrimizin dostluğuna olan sayğımızdan edirik”, – deyərkən, Borluklu:

“Əndişəniz olmasın, öyrəndiyimiz hər məlumatı sizə dərhal çatdıracağıq”, – deyə adama hardasa hazır ip verirdi, özlərini həmişəlik sovetlərin xidmətinə bağlaması üçün.

* * *

Baharın nəfəsi duyulan Anadolunun yüksək platolarından birindəydi düşərgənin qurulacağı yer. Sıx bir ağac örtüyünə sahib olmayan dağ, təpə və düzlüklər; çayır biçənəklər, çəmən və çiçəklərlə örtülüydü. Doğusunda bulunan ən yüksək təpənin adıyla anılan Buğatəpə yaylası Qarsdan uzaq sayılmazdı. Ətəyindəki ormanlıq sahələr Göle tərəfinə düşürdü. Yaylanın batı ətəyindəki iki köydən birinə Büyük Buğatəpə, diğərinə Kiçik Buğatəpə adı verilmişdi.

Qaçaqlar Qarsa dönər-dönməz düşərgənin idarəçiliyini öhdəsinə alan Qaçaq Nuru və yardımcısı Aloy Hacı Tiflisli iki qardaş – Xozeyin və Nağı ilə Çamurlu köyünün yanında buluşaraq yaylanın yolunu tutdular. Ortalar köyünü keçib Ayğır gölünə, oradan da Alçılı köyünün boş sahələrinə çatdılar. Çullu köyünə varmadan Kür çayının yol aldığı Qaranlıq dərə vadisinə endilər. Çay boyunca irəliləyib Qaratavuk vadisini geridə qoyub Lələvərginisin altından ormana girdilər. Ərazi quruluşunu incələdikdən sonra geri dönüb Qaratavuk köyünün üstündən Camışqaya vadisinə çıxdılar. Yaylanın demək olar hər yerini dolaşdılar. Göle ormanına çıxan yolları, dərələri, lazım gəldikdə atlarla gizlənə biləcəkləri oyuqları bir-bir təsbit etdilər. Su və ərzaq təmin edə biləcəkləri məkanlara baxdılar. Təhlükə anında hansı köylərə çəkiləcəklərini və necə iz itirəcəklərini planlaşdırdılar.

İkinci dəfə çayın sahilinə endikdə acmış atların qantarğalarını alıb ön ayaqlarını çidarladıqdan sonra onları güney yamaca, qışdan qalan bozarmış otluğa buraxdılar.

Xozeyin dərin bir nəfəs aldıqdan sonra:

“Buranın bu qədər əlverişli olduğunu bilmirdim, mükəmməl bir yermiş”, – dedikdə qardaşı Nağı:

“Çayın axarı boyunca gedərək qısa bir vaxtda ormana çatırsan”, – deyə onun sözünə qüvvət verdi.

Qaçaq Nuru:

“Eyni şəkildə yuxarıya doğru da gedərək özümüzü Çullu və Qaranlıq dərəyə çatdıra bilərik”.

Xozeyin:

“Burada ordu gəlsə, bizə yaxınlaşa bilməz”, – demişdi ki Camışqaya tərəfindən iki atlı göründü.

Qaçaq Nuru:

“Koxalı Hacıxəlil və Koxalı Almaz gəlir”, – dedi.

Xozeyin çaşqınlıqla:

“Bizim Koxalı Mehralının qardaşı Xəlilmi?”, – deyə soruşdu.

“Hə, o.”

“Onun qardaşı mənim can dostumdu. Çox igid bir eloğlumuzdu. Ruslar onu Arıxlı kəndində uşaqlarının gözləri önündə güllələdi.”

“Allah rəhmət eləsin.”

“Amin, amin! Yadıma düşəndə ürəyim sızlayıb, başımdan tüstü çıxır.”

Qaçaq Nuru, dərindən içini çəkdikdən sonra:

“Özünü görəmmədim, amma dediyiniz kimi, ruslar tərəfindən güllələndiyini eşitdim. Mən qardaşı Xəlili yaxşı tanıyıram. Bərabər çox yoldaşlıq eləmişik. Özünə, sözünə bel bağlanan, üzü dönməz adamdır”.

“Niyə buradadırlar?”

“Bu köydə ev alıb yerləşiblər.”

“Eləmi? Çox yaxşı, çox yaxşı…”

* * *

Koxalılar, ərazini öyrənən Qaçaq Nuru və yoldaşlarına lap yaxın gəlib atlarından endilər və salam verdilər. Hal-əhval tutduqdan sonra Nuru:

“Bizim gəldiyimizi kimdən öyrəndiniz?” – deyə soruşdu.

Hacıxəlil:

“Bu gün-sabah gələcəyinizi təxmin edir, onun üçün yolunuzu gözləyirdik”, – dedi.

“Çoxmu gözlədiniz?”

“Çox deyil. İki saat olar. Sizi, Qaranlıq dərə vadisinə enərkən gördük.”

“Buradan oranı necə gördünüz?”

Koxalı Almaz, əliylə boynundakı durbini tutaraq:

“Bununla, – dedi. – Zənn edirəm yaylanın hər yerini dolaşdınız. Bölgəni necə gördünüz?”

“İndi biz də ondan danışırdıq. Bir sözlə, mükəmməl.”

“O halda buyurun evə gedək.”

“Zəhmət vermək istəmirik. Tez bir zamanda Qarsa dönəcəyik.”

“Heç elə şey olarmı? Yemək hazırdır. Yeyər, sonra yolunuza davam edərsiniz.”

Qaçaqlar bir-birlərinin üzünə baxdı. Yaylanın təmiz havası hamısının qurd kimi acmasına səbəb olmuşdu. Xozeyin, yoldaşlarına göz vuraraq:

“Nə yedirəcəksən bizə?” – deyə soruşdu.

“Daş fırında qaz qızartmışlar, altında da bulqur plovu.”

“Qardaşlar, indi qaz qızartmasını yemədən getmək olmaz”, – deyən Xozeyin:

“Nə yedirəcəksən deyə soruşduğuma baxmayın. Belə bir gündə, belə bir yerdə, belə bir dostun xanəsində daş da olsa yeyilər”, – dedi.

* * *

Almazın evi Kiçik Buğatəpənin orta yerindəydi. Yardımçıları atları axura çəkib yemlərkən Koxalı, müsafirləri içəri apardı. Böyük qonaq otağının səkiləri, tavanı və divarları Qafqaz xalılarıyla örtülmüşdü. Xozeyin ilmə-ilmə işlənmiş sənət xariqələrini görüncə:

“Ay Almaz, mübarək olsun! Evin xalı muzeyi kimidir. Borçalıdanmı gətirdiniz? Bizim oranın xalılarına bənzəyirlər” sözləriylə heyranlığını ifadə etdi.

“Sadəcə bu qarşı divardakı Borçalı xalısıdır. Digərləri burada toxundu.”

“Təbrik edirəm. Hamısının da usta xanımların barmaqlarıyla toxunduğu bəlli. Qazax və Borçalı yaylalarının naxışlarına Buğatəpənin çiçəkləri də əlavə olunmuş.”

Bu arada xalılardakı incəlikdən gözünü ayıra bilməyən Nağı:

“Bizim xalılara baxanda Qafqaz xalqının zövqünü anlamaq asandır. Bir Rus sənətşünası “Türk dünyasında Təbriz, Türkmənsəhra və Qazax xalıları üçəm qardaşdır”, deyir. Məncə kiçik qardaş Qazax-Borçalı xalısıdır. Bir baxın, kiçik qardaşlar kimi çox şirindirlər”.

Evin xanımı müsafirləri salamladıqdan sonra ərinin üzünə baxdı. Əri:

“Yeməyi tezcə gətirək”, – dedi.

Az sonra böyük bir mis sinidə buğlanmaqda olan ətli bulqur plovu süfrənin ortasında yerini aldı.

“Haydı, buyurun Bismillah!”

Ləziz yeməklərin müşayiəti ilə başlayan söhbət, məmləkət həsrətinin üstünə gəlmişdi. Yaşanan sıxıntıların dilə gətirilməsinin ardından yeməyin sonuna doğru kaşar, qravyer və çay süfrədəki yerlərini aldı. Qaçaqların gözü qravyer və kaşardaydı. Koxalı Almaz ilə çox səmimi olan Qaçaq Nuru:

“Xanımların əllərinə sağlıq. Çox nəfis bir yemək idi. Qaz qızartması yemişdim, amma beləsini yox. Allah bərəkətini artırsın”, – dedi.

“Afiyət olsun, halal xoşunuz olsun.”

“Ay Almaz, bu kaşarı, qravyeri haradan aldın?”

“Heç yerdən almadıq. Əmim, Koxalı Hacıxəlilin kaşarı məşhurdur.”

Qaçaq Nuru heyrət edərək:

“Nə dediyindi? Sizlərin kaşar pendiri, İsveçrə qravyeri hazırladığını bilmirdim”, – dedi.

“Biz bu evləri alanda köyümüzdə bir xeyli molokan vardı. Demək olar hamısının böyük-kiçik heyvandarlıq ferması vardı.”

“Yəni heyvandarlıq fermerliyini buraya molokanlarmı gətirib?”

“Xeyr. Bizim yerli türklər çox əski zamanlardan bəri burada pendirçiliklə məşğul olarmış. Türkmən saçak, tulum, otlu, kəllə, tel, çürük, çanaq, çeçil, şor kimi onlarca çeşid pendirləri olurmuş. 1880-ci illərə qədər pendirçiliklə məşğul olan biri David Moser adında bir isveçrəliyi köyə gətirərək ortaq edib bir kooperativ qurmuşlar. Avropa standartında qravyer və kaşar istehsalına başlamışlar. 93 Hərbi sonrasında Sultan Əbdülhəmid Xan hərb təzminatı olaraq Qars, Ərdahan və Batumu ruslara tərk etmək durumunda qaldıqda, ruslar buraya molokanları gətirib yerləşdirmişdir. Böyük savaş sırasında yerli xalq rus ve ermənilərin zülmündən köylərini tərk etdikdə, ruslar və almanlar bu işə əl qoymuşlar. Bu vəsiləylə heyvandarlıq fermaları xeyli inkişaf etmişdir.

İstiqlal hərbində Qars təkrar türklərə keçincə hökumət Qafqazdan köçüb gələn Qarapapaq türklərini buraya yerləşdirdi. Biz öncə dövlətin verdiyi ev və əraziləri almadıq.

Sizə bir xatirəmi danışım: Məni Qars Əmniyyət müdiri Emin bəy yanına çağırmışdı. Ali Ağa camisinin yuxarısında bulunan böyük bir şəhər sahəsini mənə göstərərək “Gəl bu sahəni sənə verək”, – dedi. Ona: “Mən Buğatəpə köyündə Şamil Ağanın eviylə tarlalarını alacağam”, – dedim. Elə də etdim”.

Qaçaq Nuru:

“Genə sən burada ev və ərazi almışsan. Biz hələ də karvansara hücrələrindəyik”.

“Biz bu evləri aldıqdan sonra qonşularımızdan kaşar və qravyer hazırlamağı öyrəndik. Bilxassə əmim bu işi yaxşıca mənimsədi. Süfrəmizdəki kaşar və qravyer öz məhsulumuzdur. Afiyət olsun!”

“Sağ olun, var olun. Nə yaxşı olub. Bir də səndəki durbin məni maraqlandırdı. Cüt gözlü mükəmməl bir durbin. Rusiyadanmı gətirmişdin?

“Xeyr, Rusiyadan gətirməmişəm. Bizim çox dəyərli igid bir dostumuz, yoldaşımız vardı, bəlkə tanıyarsınız, adına Cüyüroğlu Qara deyilirdi”.

“Adını eşitmişəm, amma tanışlıq nəsib olmadı”.

“Cüyüroğlu bir gün ormana oduna gedir. Odun doğrarkən görür ki, heyvərə bir ayı ona doğru gəlir. Barxananın yanına qaçıb tüfəngini götürür. Ayının hücum edəcəyini anlayınca atəş açır. İkinci gülləni xəznəyə verəndə ayağından yaralanmış ayı, Cüyüroğlunun üstünə atılır. Vücudunda salamat sümük qoymayıb. Yaxınlarda odun doğrayan köylülərin əlindən də bir şey gəlməyib. Hirsini soyudan ayı oradan çəkilib getdikdən sonra Qaranı öküz arabasıyla köyə gətirirlər. Hadisəni eşidər-eşitməz yanına getdim. Çox çalışdıq, xəstəxana və doktorlardan çarə olmadı. Çox keçmədi canını tapşırdı. Bu durbin mənə onun hədiyyəsidir.”

* * *

Kür çayının dərin bir vadi əmələ gətirdiyi, sarp qayaların arasında axarının əyri-üyrü dönüşlərinin bir-birini əvəz etdiyi, Camışqaya kimi böyük qayalıqlara qoynunda yer verən Buğatəpə yaylasına o sənə bahar erkən gəlmişdi. Saflığın və məsumluğun rəmzi olan bəyaz ətəkli sarıpapatyalar, çəmənlərlə sanki bəhsə girmişcəsinə bütün ətrafı sarmışdı. Yaylada hakimiyyəti onlara vermək istəməyən yaşıl çəmənlər, papatyalara nisbətlə yaylanı yaşıla boyamağa çalışırdı. Yeni doğmuş inəklərlə körpə buzovlar çölə buraxılmır, təzə otların dadını cöngələrlə düyələr çıxarırdı.

Heyvanlar, çiçəklərlə bəzənmiş otlaqlara ayrı bir canlılıq gətirir, birinin varlığı digərini daha anlamlı edirdi.

Çox keçmədi ki, qaçaqların düşərgəsində qızğın bir çalışma başlandı. Qaçaqların bir ayağı günaşırı Buğatəpə civarındaydı. Uzaq köylərdən gətirdikləri usta və işçilərlə çiyin-çiyinə verib ormanın dərinliklərində, vadinin oyuqlarında sığınaq və depolar hazırlayırdılar.

Bu arada Almaniya səfarətinə gələn pullar özəl kuryerlərlə vaxt itirilmədən Quruşa çatdırılırdı. Bütün materialların pulu bəri başdan ödənilir, iş görən usta və işçilərə əlhaqqı artıqlamasıyla və dərhal ödənirdi. Hər kəs var qüvvəsiylə, ürəklə çalışır, iki günlük iş hardasa bir gündə tamamlanırdı.

Usta və işçilər saxlanc yerləri ilə bağlı suallar verdikdə, özlərinin də icraçı olduqlarını, bu çalışmaların mülki müdafiə məqsədli işlər olduğunu söyləyərək niyyətlərini birtəhər ört-basdır edə bilirdilər.

* * *

Əli Əhmədoğlu, İstanbuldakı toplantıdan dərhal sonra bir neçə günün içində qırx adamlıq silah, sursat və geyim-ləvazimat materialını hazır etmişdi. Sultanov gələr-gəlməz ləvazimatın ilk partiyası İsgəndəruna çatdırılmaq üçün Almaniyadan yola salındı. Bunun ardınca Xozeyinə:

“Əmanətlər göndərildi. Təfsilat məktubdadır. Əli Əhmədoğlu.” yazılı bir teleqraf gəldi.

Xozeyin bu teleqramı qaçaqların bulunduğu bir ortamda oxuyaraq onları xəbərdar etdi.

Aradan iki həftə keçmişdi ki, poçtalyon, bir gün Baqqal Mustafaya üzərində həm almanca, həm də türkcə Zata məxsusdur möhürü olan bir məktub gətirdi. Poçtalyon baqqal dükanından çıxar-çıxmaz Zavodlu içəri girdi. Hər zamankı sualın təkrarlanmasına imkan verməyən Mustafa:

“Hər halda gözlədiyiniz budur”, – deyərək zərfi ona uzatdı.

Baqqalın əlindəki zərfi havada qapan Zavodlu:

“Əvət, təşəkkür edirəm”, – deyərək aldığı əmanəti cibinə yerləşdirdikdən sonra bayıra çıxdı.

Cəld addımlarla dostu Həmzə Qarabağlının Kazım Paşa caddəsindəki süd məhsulları dükanına yollandı. Borluklu da gəlmişdi, orada onu gözləyirdi.

Zavodlu nəşəli bir üslubla “Səlamünəleyküm!” deyərək içəri girdi.

Salamı aldıqdan sonra Həmzənin ilk sözü:

“Məktub gəlibmi?” – deyə soruşmaq oldu.

Zavodlu bir xəzinəni təqdim edirmişcəsinə zərfi masanın üstünə qoydu.

Borluklu dərhal əlini uzadaraq zərfi götürdü. Cırıb açmaq istədi. Bunu sezən Həmzə müdaxilə edərək:

“Cırma! Bir az hövsələ et, açım”, – deyə əlini saxlatdı.

Sonra zərfi əlinə alıb çox ehtiyatla açdı. İçindəki məktubu çıxarıb dostlarının eşidəcəyi bir səs tonuyla oxumağa başladı.

Almaniya, 15 aprel 1934

Möhtərəm Xozeyin Əfəndi,

Əmanətlər yola salındı. İki həftə sonra, yəni mayıs ayının əvvəlində İsgəndərun limanında olacaq. Əşyalar burada yük maşınına doldurulub Karakösənin Yoncalı köyündə Saraçlı Ağanın bağ evinə aparılacaq. 4 mayıs günü Saraçlı Ağa, əşyaları başqa bir yük maşınına doldurub Buğatəpəyə aparacaq. Beləliklə, 6 mayıs Xıdırəlləz günü əşyalar sizin sərəncamınızda olacaq. Pul məsələsi də həll edildi. Lazımi qədər pul Qarsda Quruşa çatdırıldı. Rahatlıqla istədiyiniz kimi xərcləyə bilərsiniz.

İşiniz avand olsun. Müvəffəqiyyətlər diləyirəm.

Əli ƏHMƏDOĞLU
* * *

Cümə namazından çıxan Xozeyin, Qaçaq Nuru və Aloy Hacı mərkəzi qiraətxanada söhbət edirdilər. Söz düşərgənin üstünə gələndə Xozeyin:

“Müsaidənizlə bir yerə dəyib qayıdacağam”, – dedi.

Qaçaq Nuru:

“Gözəlcə oturmuşuq. Xeyirdirmi, hara tələsirsən?” – deyə soruşdu.

“Baqqal Mustafanın yanına dəyib qayıdıram. Görüm məktub gəlibmi?”

“Buyur get, biz buradayıq.”

Xozeyin, cəld addımlarla yeriyərək çox keçmədən Baqqal Mustafanın dükanına çatdı. Mustafa, onun marağını bildiyi üçün Xozeyin bir şey soruşmadan:

“Məktubunuz gəldi, Zavodlu səndən öncə götürüb getdi”, – dedi.

“Eləmi? Ay səni sağ olasan…” – deyərək yeyin addımlarla Qaçaq Nuru və Aloy Hacının yanına dönən Xozeyin, onlara:

“Məktub gəlib, amma Zavodlu götürüb. Ehtimal ki, Həmzənin yanında olacaq. Qalxın gedək, birlikdə oxuyaq, baxaq”, – dedikdə, dinməz-söyləməz qalxıb yola düzəldilər.

Süd məhsulları dükanına çatdıqda düşündükləri kimi Zavodlu və Borluklu Həmzənin yanında idilər. Salam və əl sıxmalardan sonra Həmzə gələnlərə oturmaları üçün yer göstərdi.

Zərf masanın üstündə idi. Xozeyin, öncə zərfin üstünü, ardından da içindən çıxardığı məktubu oxudu.

Məktubun tarixinə bir daha baxdıqda həyəcanla yoldaşlarına

“Yazılalı hardasa iki həftə olar. Əmanətlər çərşənbə axşamı, ya da çərşənbə günü Karakösəyə gəlməli olur. Sabah, ya da ən geci o biri gün yola çıxmam lazımdır”, – deyə fikrini bildirdi.

Marağını üzə vurmamağa çalışan Borluklu, laqeyd halda:

“Nəylə gedəcəksən?” – deyə soruşdu.

“Bir yük maşınından-filandan taparam, inşallah.”

“Özünlə kimləri götürəcəksən?”

“Koxalı Hacı Xəlil və İsmayıl Bala ilə getməyi düşünürəm.”

Sözə qarışan Zavodlu:

“Saraçlı Ağanı tanıyırsanmı? Yük maşınını o kirayə edəcək”.

“Tanıyıram. Bir dəfə Ercişdən gələndə qonağı olmuşduq. Saraçlı tayfası Qazax və Borçalı bölgəsindəndir. Onlara bizim diyarda “Saraşdı” deyirlər. Kişiləri də, qadınları da yaman igid adamlardır. Ayrıca Taşlıçay və köylərinin tamamına yaxını Qazax və Borçalıdan gələn Qarapapaq türklərindəndir.”

“Sənin də tanımadığın mühacir yox.”

“Yox, canım, o qədər də deyil. Bir neçəsini tanıyıram.”

Qapıdan içəri tanımadıqları bir adam girdikdə Zavodlu cəld məktubu götürüb qoyun cibinə qoydu. Zahiri görünüşcə adam tüccar olub, bal və yağla maraqlanırdı. Həmzəylə aralarında alış-veriş söhbət qəliz şəkil alanda Zavodlu bu fürsətdən istifadə etmək istədi.

“Bəylər, siz söhbətinizdə olun, mən bir notariusa dəyib qayıdıram”, – deyərək çıxıb getdi.

İki küçə o tərəfdə Ali Ağa camisinin böyründə Foto Sacit atelyesi vardı. Burada məktubun və zərfin fotoşəklini çəkdirən Zavodlu yaxın dostu Sacitə durumu kimsənin bilməməsi üçün təkrar-təkrar xəbərdarlıq etdi.

Həmzənin dükanına döndüyündə yad müştəri getmiş, qaçaqlar baş-başa qalmışdılar.

Borluklu:

“A Xozeyin, yük maşınını birbaşa yaylayamı sürdürəcəksən?” – deyə soruşdu.

“Təbii ki, birbaşa yaylaya sürdürəcəyik.”

“Qarsdanmı keçəcəksən?”

“Xeyr, şəhərə girməmiz təhlükəli olar. Köy yollarından keçib getməyi düşünürəm. Bir az yol uzanacaq, amma salamatı budur.”

“Belə daha doğru olar, yaxşı fikir etmisən.”

Qaçaq Nuru:

“Yayladakı hazırlıqlar tamamdır. Bir qrup işçini gözlədirik. Boşaltma və yerbəyer etmə işini onlar görəcək.”

Borluklu:

“Silah və sursatdan başqa bir şey varmı?” – deyə incədən-incəyə soruşurdu.

Xozeyin:

“Doktor Sultanovun bildirdiyinə görə qırx komplekt geyim və məişət ləvazimatı ilə yer çadırı, səhra yataq kisəsi kimi şeylər vardır. Silah və sursat yeşiklərinin üzərinə on beş, iyirmi kisə un, bir o qədər də arpa və saman kisəsi atdıracağam. Həm maşının yükünün un və taxıl olduğu zənn edilsin, həm də düşərgədə buna ehtiyacımız olacaq.”

“Vallah sən çox tədbirli adamsan. Hər şeyi ən incə təfərrüatına qədər düşünüb planlamısan.”

“Eh, illərdir günümüz dağlarda keçdi. Başımız çəkib.”

“İnşallah, sıxıntı olmadan malları sağ-salamat yaylaya gətirərsiniz”, – deyən Zavodlu, məktubu cibindən çıxarıb Xozeyinə göstərircəsinə əlində yelləyib masanın üstünə qoydu.

“Müştəri görməsin deyə cibimə qoymuşdum, yadımdan çıxmamış verim özünüzə.”

Borluklu, məktubu alıb Həmzəyə uzatdı:

“A Həmzə, bir sən də oxu! Əyər-əksiyi qalmasın. Görüləcək işləri yaxşı bilək”.

Həmzə zərfi açaraq tamamı on sətri keçməyən məktubu sözbəsöz oxudu. Sona çatanda Borluklu:

“Xozeyin doğru deyir, vaxt yaxınlaşıb, ləngimədən yola çıxmalıyıq”, – dedikdə Zavodlu:

“Haqlısan, tələsib getmələri yaxşı olar”, – deyərək dostu ilə razılaşdı.

* * *

Xozeyin, Hacıxəlil və İsmayıl Bala, Qarsdan Karakösəyə gedən bir yük maşınının sürücüsü ilə razılaşıb yola çıxdılar. 3 mayıs günü Yoncalı köyünə çataraq Saraçlı Ağanın qapısını döydülər. Saraçlı, səfərdən dönmüş, yük daşımaq üçün özü də, yük maşını da münasibdi. İsgəndərundan gələcək “əmanətləri” gözləməkdən başqa görəcəkləri bir iş yoxdu. Saraçlının qardaşı oğluna məhəllədə gözdə-qulaqda olmaq, digər iki qardaşı oğluna isə gələn yük maşınını və ətrafı müşahidə altında saxlamaq tapşırılmışdı.

* * *

Yazıxanada sözləşdikləri kimi hava qaralmadan Rus konsulluğunun yanında yerləşən şəhər klubunda bir araya gəldilər. Küçəyə baxan pəncərənin önündəki masanın arxasında oturdular. Şef qarson Zavodlu və iki yoldaşına qulluqda əldən-ayaqdan gedirdi. Çay içə-içə məsələni müzakirəyə başladılar.

Borluklunun təklif etdiyi Sovet konsulu ilə görüşmə fikri Həmzə Qarabağlını çox rahatsız etmişdi.

“Məncə məktubu konsula verməklə böyük səhv etmiş olarıq. Yoldaşlarımızı böyük çətinliyə salarıq. Konsul məktubu alar-almaz Ankarada böyük elçiyə bildirəcək, o da daha yuxarılara desə işlər pis şəkil alacaq və qaçaqların başına böyük işlər gələcək”.

Borluklu sözün arasına girdi.

“Konsula söz verdik. Əldə etdiyimiz bilgiləri ona çatdıracağımızı söylədik. Belə bir durumda sözümüzdən qaça bilərikmi?”

“Sənə xatırladıram: İstanbulda Doktor Sultanova söz verdik. Həm də yəmin etdik. Canımız bahasına da olsa, təşkilatın sirrini kimsəyə verməyəcəyimizə, yaxalandığımız təqdirdə qaçaqları satmayacağımıza Quran və silah üzərinə əl basdıq.”

“A Həmzə, İstanbuldan dönərkən qatarda danışmadıqmı? “Onlar təşkilat qurmaqla çox böyük səhvə yol verirlər” demədikmi? “İki ölkəni bir-birinə qatacaqlar” demədikmi?”

“Hə, sən belə dedin. Amma Qaçaq Nuru nə dedi? “Xalqımıza zülm edən hökumət və partiya funksionerlərinə gedib hədlərini bildirmək niyə iki ölkəni bir-birinə qatmaq olsun?” deyə söyləmədimi?”

“Çox yaxşı, bu işləri kimlərin, haradan gəlib törətdiklərini öyrənən Sovet hökuməti seyirçimi qalacaq? Türkiyədən bunun hesabını soruşmayacaqmı? QİQ-in varlığı ortaya çıxanda Türk hökuməti bizə verdiyi bunca imkanı əlimizdən alıb bizi yerimizdən etməyəcəkmi? Türk dövləti sənə verdiyi “Keşişin İmarəti”ni, mağazaları, tarlanı, biçənəyi əlindən alıb sürgün etməyəcəkmi? Mənim bütün varidatım, Borluklunun ucsuz-bucaqsız yaylası əlimizdəmi saxlanacaq sanırsan?”

Borluklu sözə qarışdı:

“Zavodlu doğru deyir. Bunları ağla gətirmək belə adamın canına qorxu salır. Ox yaydan çıxıb, başqa nə edə bilərik?” – dedi.

Həmzə:

“İstanbul toplantısında bütün bunları niyə söyləmədiniz? Doktor Sultanova niyə işin bu tərəflərini açıb demədiniz?”

“Ağzımızı açmağa heç imkan verdi ki? Hər şeyi özü söyləyib özü planladı. Bizə təsdiqləmək qaldı.”

“Bunu deməyə dilin necə gəlir? İstəyən hər məsələdə fikrini açıqca ortaya qoymadımı? İndiki kimi xatırlayıram, “Düşərgəni Borluk yaylasında quraq” deyən sən deyilmiydin? Yaylada tətil keçirmək üçünmü düşərgə quracaqdın?”

Zavodlu, qarsona çayları təzələməsinə işarət etdikdən sonra diqqətini masaya yönəldib Həmzənin üstünə əməllicə hücuma keçdi.

“Ürəyini ikiləmə. Mövqeyimiz çox doğrudur. Qurulan bu təşkilat zahirən xalqımızın faydasına olsa da, böyüyüb qol-budaq atdıqdan sonra kim bilir hansı güclərin əlinə keçəcəkdir. Bu təşkilata indi müdaxilə edilərsə, bir neçə arkadaş sıxıntı çəkər, amma minlərcə Qafqaz mühaciri Sovetlərin düşmənçilik və təqibindən qurtular. Məncə, Sovetlərin qarşısında olmaqdansa, yanında olmaq daha yaxşıdır.”

Borluklu, Zavodlunun sözlərindən dəstək alaraq:

“Mən də belə düşünürəm. Sovetlər belə qalmayacaq. Gələcək illərdə nüfuz dairəsi genişlənəcək. Mənə belə gəlir ki, çox keçmədən Türkiyə də Sovet sisteminə daxil olacaq. Bizə Almandan Amerikadan fayda yoxdur. Bizim gələcəyimiz rus dostluğundadır”, – dedi.

Həmzə:

“Əslində bu təşkilatın qurulmasını mən də istəmirəm. Ancaq mən deyirəm ki, təşkilatın qurulmasının qarşısını almalıydıq. Önləyə bilmədik, indi onu biz dağıtmalıyıq. Bunu əksər işçiləri ermənilərdən ibarət olan Sovet konsulluğunun əliylə etməməliyik. Bəzi arkadaşların vəziyyəti pis olacaq”, – deyə israr etdi.

Zavodlu:

“Görüşməmizdə konsuldan, arkadaşlara sıxıntı verilməyəcəyinə dair söz alarıq”, – deyə ortalığa bir fikir atdı.

Bu fikrin qarşısında Həmzə Qarabağlı:

“Onları tanımırsanmış kimi danışma! Rusun hansı sözünə nə qədər bel bağlana bilər? Bundan başqa, səlahiyyət konsulun əlində deyil ki”.

Borluklu:

“Baxın, bunu da sizə söyləyim. Sonra demədi deməyin. Bizim bu Qafqaz qaçaqları, söz dinləyən insanlar deyil. Onların gözünü intiqam hərisliyi bürüyüb. Təşkilatın adını belə “Qafqaz İntiqam Qartalları” qoydular. Adamlara Türk dövləti Qarsın göbəyində ev, iş yeri verdi; Qarsın ən bərəkətli ovalarında tarlalar, biçənəklər ayırdı, amma onlar hələ də bolşeviklərdən intiqam almağın peşini buraxmırlar. “Biz Sovetləri dağıdacağıq, yurdumuza dönəcəyik!” deyirlər, başqa bir sözləri yoxdur. İllərdir dağlarda, yaylalarda, karvansara künclərində yaşayırlar. Sovetlərin deyil, onların dağıdılması lazımdır. Ən önəmli xüsus da budur ki, onlar Qarsda qaldıqları müddətdə bizə rahat gün yoxdur. Hər birinin mütləq buradan başqa bir yerə göndərilməsi gərəkdir”.

Zavodlu:

“A Həmzə, Borluklu çox açıq söylədi. Mən bunları söyləmək istəmirdim. Bunlar indidən bizi dinləmirlər. Qarsın seçkin, öndə gələn kimsələri olduğumuz halda bizi adam yerinə qoymurlar. Sən iqtidar partiyasının idarəçiliyində olduğun halda bir iş görəndə səndən soruşduqları yoxdur. Bunların nə əlinin, nə dilinin ölçüsü var. Görmədinmi o vaxt sənə bir şillə vuran adamın başına nələr gətirdilər?”

Borluklu:

“Yeri gəlmişkən, Həmzə, o məsələ necə olmuşdu? Eşitmişəm, amma ətraflı məlumat sahibi deyiləm”.

“Yekəxana birisiylə mübahisəmiz düşdü, sözümüz bir az sərt şəkil aldı. İş böyüdü. Mənim sözlərimi həqarət sayan adam üzümə bir şapalaq vurdu. Çevrəmizdəkilər araya girib olayı sakitləşdirdilər. Bizim qaçaqlar olayı eşidər-eşitməz kimsədən bir söz soruşmadan, mənə belə demədən o gecə gedib adamın evinə, mal-mülkünə, otuna, samanına od vurmuşlar. Allah üzünə baxıb, adam çoluq-çocuğunu evdən çıxara bilmişdi. Bütün hər şeyi yanıb kül olmuşdur. Təbii ki, yanğını bizim qaçaqların çıxardığını kimsə bilmədi. Sabah nələr törədəcəklərindən mən də əndişəliyəm.”

Borluklu ağrılı yerdən tutmuş, Həmzənin də qaçaqlar sarıdan rahatsız olduğunu körükləməyi bacarmışdı.

“Budur, sizə deyirəm, bunlar özbaşına insanlardır. Söz-saz dinləməz, ağılları kəsən işi tutarlar. Onlara görə biz qorxaq, Türk dövlətinin verdiyi payı alıb, hər şeyi unudan insanlarıq. Çoluq-çocuğu, evi, mal-mülkümüzü buraxıb silahlanaraq, Sovet üsul-idarəsinə hücumlar etməliyik ki, igid sayılaq”.

Həmzə:

“Bəylər, bir halda ki, getmək istəyirsiniz, buyurun gedin. Mən bu işdə yer almaq istəmirəm”, – dedikdə Borluklu çarəni ondan saqqız kimi yapışmaqda gördü.

“Biz sənsiz əsla addım atmarıq. Sən, yüksək məqamlı dövlət adamları ilə oturub durmağı bilirsən. Ən azından bizim xətalı bir iş görməyimizə əngəl olarsan. Yanımızda ol, kifayətdir. Görəcəksən biz gərəkəni edəcəyik. Heç biri də zərər görməyəcək.”

* * *

Zavodlu və Borluklunu yaxşı tanıyan mühafizəçilər heç bir şey soruşmadan onları gözləmə salonuna apardılar. Müsafir gəldiyi xəbər veriləndə konsul, vaxtsız gələn müsafirlərin məlum kəslər olduğunu o dəqiqə anladı. Onları gözlətmədən yanlarına endi. Hörmətlə qarşılayıb onları qəbul salonuna apardı.

Konsul üzdən rusların tipik soyuqluğunu sərgiləsə də, maraq və həyəcan içindəydi.

“Bir gəlişmə varmı?” – deyə soruşdu.

Zavodlu:

“Bəy əfəndi, gözlədiyimiz məktub gəldi”, – deyərək qoyun cibindən çıxardığı zərfi konsula uzatdı. Türk dilini yaxşı bilən diplomat zərfi o dəqiqə açaraq iki fotoşəkil üzərində aydın olaraq seçilən sətirləri birnəfəsə oxudu. Çaşqınlığı üzünün ifadəsində əks olunmuş bir halda təkrar incələdi.

“Bəylər! Durum çox ciddidir. İzninizlə mən bunu Ankaraya bildirim.”

Zavodlu:

“Xeyr, lütfən tələsməyək. İstəsəniz, Ankaraya bildirməzdən öncə bir az danışaq. Bizim bəzi əndişələrimiz var.”

“Nədir əndişəniz?”

“Biz bu bilgiləri ölkələrimiz arasında gəlişməkdə olan dostluğun pozulmaması naminə sizə veririk. Ancaq bu da bir gerçək ki, bu təşkilatı quranlar çox yaxın arkadaşlarımızdır. Təşkilatın fəaliyyətlərini dayandırmaq istərkən onları cəzalandırarsaq, bu heç xoş olmaz. Açıqcası, arkadaşlarımızın zərər görməsini istəmirik.”

“Təbii ki, haqlısınız. Onların zərər görməsini mən də istəmirəm.”

“Biz sizdən onların zərər görməyəcəyinə dair söz almaq istəyirik.”

“Baxınız, mən sizə öz adıma onların zərər görməyəcəyinə dair şərəf sözü verirəm. Ancaq, üst məqamların, Moskvanın və ya Ankaranın tədbirlərində fərqli gəlişmələr olarsa, bunu əngəlləməyə gücüm yetməyə bilər. O zaman anlayışınıza sığınmaq istərdim.”

“Xeyr, biz qəti söz almalıyıq. Əks halda kəlmənin tam anlamıyla biz arkadaşlarımızı satmış oluruq.”

“O zaman mən sizə bir sual verim: Siz, necə bir çözüm düşünürsünüz? Mənim yerimdə siz olsanız, necə edərdiniz?”

Həmzə sözə qarışdı:

“Bizim düşüncəmiz belədir: Təşkilatın fəaliyyətə keçməsinə izin verilməsin. Təşkilatın rəhbərləri başqa şəhərlərə göndərilsin.”

Borluklu:

“Hətta nəzarət altında saxlanıla və icbari iqamətə məcbur edilə bilərlər”, – deyə davam etdi.

“Nəzarət altında saxlanılmanı anladım, bəs icbari iqamət nədir?”

“Elə Sovetlərin etdiyi kimi, sürgünə göndərilən insanların dövlətin faydasına işlədilməsi.”

“Hə, anladım. Çox gözəl, başqa nələr düşünürsünüz?”

Borluklu:

“Mütləq görülməli bir tədbir də onların bir-birləri ilə olan əlaqəsinin kəsilməsidir”, – dedi.

“Tamam! Mən sizə söz verirəm. Bu istəklərinizi səlahiyyətli məqamlara eynən çatdıracaq və yerinə yetirilməsi üçün bütün gücümlə çalışacağam”, – deyən rus diplomat, davranışı ilə sanki kiçik bir vilayət olan Qarsda konsul deyil, Sovetlərin Türkiyə baş valisi ədasına bürünməyi də unutmadı.

Konsulun işarətiylə gələn əməkdaş:

“Qəhvələriniz necə olsun əfəndim?” – deyə soruşdu.

Həyəcanına üstün gələ bilməyən konsul:

“Bəylər, mən Ankarayla danışmaq durumundayam”, – deyərək qəbul salonundan çıxdı.

Xəbərçilər qəhvələrini yenicə bitirmişdilər ki, Konsul geri döndü.

“Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Ankaraya gözlədikləri xəbəri çatdırdım. Çox məmnun qaldılar. Qaçaqların qurduğu Qafqaz İntiqam Qartalları isimli bu təşkilatın hər hansı bir aksiyaya baş vurmadan işdən xəbərdar olduğumuza çox sevindilər. Sizin istək və əndişələrinizi ayrıca bildirdim. Möhtərəm böyük elçimizin xüsusi təşəkkürlərini və xoş diləklərini ifadə edirəm.”

Əliylə əməkdaşa içəri gəlməsi üçün işarət edən Konsul, gözaltı gətirilən paketlərə baxdı.

“Sizin bu xidmətinizin əlbəttə ki, qarşılığını ödəmək mümkünsüzdür. Ancaq böyük elçimizin təlimatıyla hər birinizə kiçik bir hədiyyə paketi hazırladıq. Hər birinin içərisində yüz iyirmi altun vardır. Yüz altun bəxşiş, iyirmi altun da məsrəflərinizin qarşılığıdır. Lütfən qəbul buyurunuz.”

Xəbərçilər bir-birlərinin üzünə baxdılar. Həmzə, məmnuniyyətsizliyini “Ehtiyac yox idi”, deyərək ifadə etməyə çalışsa da, nəzakətsizlik olar əndişəsiylə təpki göstərməməyə üstünlük verdi. Digərləri işin bu şəkildə sonuca bağlanmış olmasından məmnundular.

Üç işbirlikçi konsulluq binasından çıxıb evlərinə gedərkən Həmzə əlindəki paketi Zavodlu və Borluklunun gözlərinə soxarcasına yuxarı qaldırdı.

“Ağlıma nə gəldi, bilirsinizmi? ” – deyə soruşdu.

O birilərinin cavab verməsini gözləmədən:

“Bircə buna baxın, İstanbul, Ankara kimi şəhərlərdə seçkin lokantalarda yemək sonrası qarsona kiçik bir bəxşiş buraxılır ha…” – dedi, davamını gətirmədi.

Hiddətlə başını bir o yana, bir bu yana çevirdi. Sonra üzüntülü bir səs tonuyla:

“Yediyimiz qələtin bəxşişi özündən böyükmüş!” – deyərək yoluna davam etdi.

* * *

Rəsmi Moskvadan Ankaraya ünvanlanan: “Qarsın Buğatəpə yaylasında yuvalanan qaçaqların başını çəkdiyi silahlı bir təşkilatın ölkəmizə qarşı hücumlar təşkil edəcəyi bilgisi tərəfimizə çatdırılmışdır. Almaniyadan göndərilən silahlar təşkilatın mərkəzinə yetişmək üzrədir. Təfsilat Ankara Böyük elçiliyimizdə mövcuddur. Hökumətimizə gəlişmələr haqqında bilgi verilməsi ərz və rica olunur…” şəklindəki şifrəli teleqram hər şeyin alt-üst olmasına kifayət etmişdi.

* * *

Moskvanın xəbərdarlığı ilə Ankara dərhal hərəkətə keçdi. İstihbarat və dəstək qüvvələri səfərbər edilmişdi. İsgəndərun limanından yola çıxmış olan yük maşını, Yoncalı köyü və Buğatəpə yaylası eyni vaxtda izlənməyə başlamışdı. Qaçaqları cinayət başında yaxalamaq üzrə bütün gərəkən tədbirlər görülmüşdü.

Yük maşını bir neçə nəzarət nöqtəsində adi qaydada dayandırılıb sürücü və yanındakıların kimlikləri soruşulmuşdu. İsgəndərunlu sürücünün yanındakı iki nəfərdən biri Azərbaycanın Qazax, digəri isə Gürcüstan, Borçalı doğumlu olub Qarsda yaşayırdılar. Birinin adı “Göyəzən”, digərininki “Xıram”dı.

* * *

Xozeyin, Koxalı Hacıxəlil və İsmayıl Bala Yoncalı köyündə kamyon deyilən yük maşınını gözləməkdə idilər. Nəhayət, axşam azanı oxunarkən yük maşını köyə daxil oldu və bağ evinə yönləndirildi. Saraçlı Ağa, orta sahədə dayanan yük maşınının qapısına yaxınlaşıb sürücüyə:

“Xoş gəldiniz. Səfa gətirdiniz!” – deyə səsləndi.

Sürücü:

“Xoş gününüz olsun”, – dedikdən sonra: “Siz, Saraçlı Ağasınızmı?” – deyə soruşdu.

“Bəli, mənə “Saraçlı” deyirlər”, – dedi. Ardından öz yük maşınını göstərərək,

“Mühərriki söndürmədən maşını bu bizim maşının arxasına yanaşdırsanız yaxşı olar”.

Yüklü kamyon digər kamyonun düz arxasına yanaşdıqdan sonra Göyəzən, Xıram və sürücü maşından endilər. Saraçlı hər üçüylə əl tutub salamlaşdıqdan sonra:

“Dəyərli arkadaşlar, bilirəm çox yorğunsunuz. Ancaq gətirdiyiniz yükün sabah namazına qədər gedəcəyi yerə çatdırılması lazım gəlir. Mümkünsə sizin nəzarətinizdə bizim gənclər yükü digər kamyona yükləsinlər. Onları yola salaq getsinlər. Ardından sizinlə baş-başa qalaq”.

Arı kimi çalışan gənclər bir su içimdə yüklərin yerdəyişmə işinin haradasa sonuna gəlmişdilər. Son yeşikləri maşından maşına keçirərkən eşitdikləri:

“Olduğunuz yerdən tərpənməyin!” əmriylə çaşıb qaldılar.

Ətrafları jandarm və mülki polislər tərəfindən əhatəyə alınmışdı. Səsin sahibi üstəymən:

“Bəylər, ətrafınız sarıldı. Tərpənməyin. Olduğunuz yerdə qalın! Saraçlı Ağa, siz yaxın gəlin!” – deyə səsləndi.

“Xeyirdirmi, komutan? Bu nə demək olur?” – deyən Saraçlı, çaşqın bir halda yavaş-yavaş komutana doğru yeridi.

“Müsafirlərimə bunu necə edərsiniz?”

“Ağam, incimə, çox önəmli bir məsələ var. Lütfən, xətrinizə dəyməsin. Yuxarıdan təlimat gəldi.”

“Nəymiş o təlimat? Məqsədiniz məni və müsafirlərimi rəzil etməkdimi?”

“Zənn edirəm, sizin bilmədiyiniz önəmli bir məsələ var”, – deyən komutan Saraçlı Ağanı sakitləşdirəcək cümlələr qurmağa çalışırdı.

“İsgəndərundan gələn kamyonda silah və sursat varmış. Kamyona əl qoyub sürücü və yoldaşlarını Qarsa göndərməmiz istənməkdədir.”

“Bunu edə bilməzsən! Sənə əmr verənə demədinmi, Saraçlı Ağanın müsafirləridir. Hətta gələn yük onun kamyonuna yüklənməkdədir.”

“Əfəndim, Ankaradakılar sizi tanımazlar. Sizin məmləkətdəki durumunuzu, yanlış bir iş tutmayacağınızı, bu mühitdə dövlətin əli-qolu olduğunuzu bilməzlər. Lütfən, bu işimizə xoş münasibətiniz olsun.”

“Bu əsla xoş görüləcək bir durum deyil. Belə bir şey edə bilməzsiniz, biz el içində başımızı qaldırıb gəzə bilmərik. Biz də bundan sonra bizə güvənməyən, bizi el içində rəzil edən dövlət gücüylə bir daha bərabər ola bilmərik.”

Saraçlı Ağanın və müsafirlərin ətrafının sarıldığını görən gəlin, qız və qadınlar qaşla göz arasında silahlanıb Böyük Xanımın ətrafında toplanmışdılar. Qafqazdan buraya gələnə qədər neçə yerdə basqınlarla qarşılaşmış olduqlarından, qadın tayfası silahla rəftarı bilirdilər, bu məsələdə təcrübəli idilər. Böyük Xanımın bir işarətiylə jandarmların ətrafında mövqe tutmuşdular. Böyük Xanım komutanla danışan oğlu Saraçlı Ağanın “Bizə güvənməyən, bizi el içində rəzil edən dövlət gücüylə bərabər olmarıq”, sözlərini eşidincə yanlarına getdi.

“Xeyirdirmi, komutan? Xoş gəldiniz deyəcəyəm, amma bu heş də xoş gəlmişə bənzəmir. Məsələ nədir?”

“Böyük Xanım, biz dostuq, qardaşıq. Sizə qarşı yanlış bir işə yol verərikmi? Ancaq bizə yuxarıdan gələn əmrə görə sizə gələn kamyonun yükü arasında silah və mühümmat varmış.”

“Ola bilər, nə önəmi var? Biz sizin silah və mühümmatınızı azmı daşıdıq? Bu silah və mühümmatın da ona bənzər bir şey olmadığını haradan bilirsiniz?”

“Əfəndim, dövlətin bilgisi daxilində olmayan qaçaq silahlardır. Kamyona əl qoyub gətirənlərlə birlikdə Qarsa aparmağımız gərəkdir.”

“Komutan, bizim hər şeyin üstündə bir törəmiz var. Evimizə gələn qonaq suçlu belə olsa, kimsəyə verilməz. Qonaq bizim şərəfimizdir. Yanlış iş tutursunuz.”

“Əfəndim, bizə kamyona əl qoyub Qarsa aparmağımız əmr edildi”.

“Hörmətli komutan, törəmiz də bizə əmr etmişdir, müsafir verilməz. Bizim hamımızı öldürmədən onları ala bilməzsiniz. Buyurun, alın baxaq görək.”

“Nə yəni, dövlətin əmrinə qarşımı çıxırsınız?”

“Siz dövlətin qanunlarından pis yöndə istifadə edirsiniz. Bizi buraya Qazi Paşa yerləşdirdi. Biz yanlış iş tutmarıq. O, bunu eşitsə, bu əmri verənləri ayaqlarından asdırar. Belə bir şey olarmı? Müsafirlərimizin əllərini bağlayıb aparacaqsınız, biz də sakit durub baxacağıq! Çox yaxşı, bəs bizim törəmiz harada qalacaq? Başımızı qaldırıb insan içində necə gəzəcəyik?”

“Mənim yerimdə siz olsanız, nə edərdiniz? Verilən əmri necə yerinə yetirərdiniz?”

“Verilən yanlış əmrə düzəliş verərdim. Biz rusların törətanımaz əmrlərinə baş əyə bilməyib buraya gəldik. Siz də onlar kimimi davranacaqsınız?”

“Mənim verilən əmri yerinə yetirməmək kimi bir səlahiyyətim yoxdur.”

“Vardır.”

“Nəymiş o?”

“Bax, komutan, gətirilən yükü oğlum Saraçlı Ağa öz kamyonuna yüklətdi. Bildiyim qədəriylə əmanəti özü Qarsa aparıb yerinə təslim edəcək. Biz əmanəti sağ-salamat göndərmək durumundayıq. Bizə gəlib çatmadan niyə yolda yaxalamadınız? Bizim hamımızı öldürmədən ocağımızdan bunları alamazsınız. Gedin bildiyinizi edin!”

Komutan bir yandan ətrafına göz gəzdirir, bir yandan da düşdüyü çətin vəziyyətə uyğun bir çözüm arayışında idi.

Bir saata yaxın müddət əllər tətikdə keçdi. İş inada minmiş, tərəflər geri adım atmırdı. Hər kəs bu işin sonu nə olacaq deyə əndişəylə gözlərkən üstəyməndən yeni bir həmlə gəldi.

“Əsgər! Geri çəkil! Köydən çıxırıq”, – deyə əmr verdi. Saraçlıya döndü.

“İsgəndərundan gələn kamyon və işçilər dərhal köyü tərk etsinlər. Siz də, lütfən bu dəqiqə hərəkət edin!” – dedikdən sonra üstəymən əsgərlərini və mülki polisləri çəkib qaranlığa qarışdı.

Ayın göy üzündə olmadığı qaranlıq bir gecəydi. On beş, iyirmi metrdən o yanı gözlə seçmək mümkün deyildi. Diyadin üzərindən İsgəndəruna yön alan kamyon on beş kilometr aralanmadan yoldakı jandarma komandası tərəfindən saxlandı. Göyəzən ilə Xıram kamyondan düşürülərək əsgəri maşına mindirildi. Sürücünün yanına əyləşən iki rütbəli jandarma kamyonu Qarsa yönləndirdi.

Buğatəpə yaylasına getməkdə qərarlı olan Saraçlının yük maşını on beş, iyirmi kilometr yol qət edib Karakösəyə yaxınlaşanda jandarm tərəfindən dayandırıldı. Yük maşınının qapısını yaxından tanıdığı jandarm təyməni açmışdı.

“Ağam, yaxşı yol.”

“Təşəkkür edirəm, sağ olun!”

“Müsaidəniz olarsa, arkadaşlar bizim maşınlarda əyləşsin, mən sizin yanınızda oturum. Yolumuz xeyli uzaqdır, söhbət edərik.”

Saraçlının müsafirləri Xozeyin, Hacıxəlil və İsmayıl Bala təymən sözünü bitirmədən qapını açaraq enməyə niyyətli olduqlarını göstərmişdilər.

* * *

Yük maşınlarına əl qoyulub adamların yaxalandığı Qarsa bildirilən kimi Qars dəstək qüvvələri hərəkətə keçdi. Dan yeri işıqlananda özəl birliklər Buğatəpə yaylasının bütün keçidlərini tutaraq bütün sığınaqları didik-didik aradılar. Yükü boşaltmaq üçün düşərgədə yük maşınının gəlməyini gözləyən işçilər sığınağın birində paltolarına bürünmüş halda yatarkən aşkarlanmışdılar.

Silah-sursatı təhvil almaq üçün gözləyən düşərgə məsulu Qaçaq Nuru ilə köməkçiləri Nağı və Aloy Hacı idari bölüm üçün münasib şəklə salınmış sığınaqdaydılar. Ətraflarını saran əsgərlərin “Təslim olun!” səslərini eşidərək çıxıb təslim oldular.

Qafqaz İntiqam Qartalları bir aksiya belə gerçəkləşdirə bilmədən xəbərçilərin xəyanətinə uğramış, zülm altında inləyən soydaşları üçün bir şey etməyə macal tapmadan qolları bağlanmışdı.

* * *

Üçüncü Bölüm
Dindirmə və İşgəncə

Qars Milli Əmniyyət Xidmətləri Rəisliyi binasının bağçasına ilk olaraq Saraçlının kamyonu gətirildi. Arxasından Karakösə Jandarmasının maşını gəldi. Əsgəri nəqliyyat vasitəsində olan bir manqa sıravi əsgər hələ maşın dayanmazdan əvvəl bir-bir yerə hoppanaraq dərhal bir təhlükəsizlik çəmbəri əmələ gətirdilər. Xozeyin, Hacıxəlil və İsmayıl Bala maşından düşürülərək Saraçlının ardınca içəri aparıldılar. Bir saat sonra İsgəndərun nömrə nişanlı kamyon qapının ağzında dayandı. Onun kuzovunda da bir manqa jandarma vardı. Kamyondakı səfəri başa çatmış olan Göyəzən, Xıram və sürücü eynilə öncəkilər sayaq cəld hərəkətlə qapıdan içəri salındılar.

Buğatəpə düşərgəsində yaxalanan Qaçaq Nuru, Aloy Hacı, Nağı və işçilər də həmin saatlarda geniş təhlükəsizlik tədbirləri altında binaya gətirilmişdilər.

* * *

Qafqaz İntiqam Qartallarının lider kadrları suç üstündə yaxalanıb nəzarət altına alındıqları halda, təşkilatın sadiq üzvlərindən Məhəmməd Matos, Koxalı Almaz, Əmiraslan Tomtulu, Quruş, Baba Məmmədov, Əmrah Gülalıoğlu, Məhəmməd Bala kimi qaçaqlar əməliyyat əsnasında düşərgədə olmadıqları üçün aradan çıxmış kimi görünürdülər. Şoşeretli Qulu, Allahyar Əfəndi, Borluklu Abbas, Murtuz və Bəhlul kimi daha bir neçə başqa qaçaq da həbs olunmaqdan qurtulanlar arasında idilər. Doktor Sultanovun Qafqaz İntiqam Qartallarının gizli müfəttişi təyin etdiyi Qiyas Şıxlinski də yaxasını ələ verməmişdi.

* * *

“Adın?”

“Göyəzən.”

“Göyəzən nə deməkdir?”

“Azərbaycanın Qazax şəhərinin günbatarında uca bir dağın adıdır.”

“Atanın adı?”

“Səməd.”

“Sağdırmı?”

“Xeyr, güllələdilər.”

“Kim güllələdi?”

“NKVD.”

“Ananın adı?”

“Gülsima.”

“Sağdırmı?”

“Bilmirəm.”

“Necə yəni bilməzsən? İnsan anasının yaşayıb-yaşamadığını bilməzmi?”

“Bizim oralarda yaşasaydın, sən də bilməzdin. Neçə il olar əqrəbası və uşaqlarıyla Sibirə sürgün etdilər. Onlardan bir xəbər yoxdur.”

“Səni niyə sürgün etmədilər?”

“Arkadaşlarla dağa çıxaraq qurtula bildim.”

“Dağda nə etdiniz?”

“Silahlı dəstələr təşkil etdik. Xalqımıza zülm edən Sovet idarəçilərinə qarşı mücadilə başlatdıq.”

“Nələr etdiniz?”

“Nə bilim, o qədər işlər gördük ki.”

“Məsələn, nələr?”

“İndicə dedim, xalqımıza zülm edən, suçsuz insanları öldürən, mallarını əllərindən alıb qadınlarını və çocuqlarını Sibirə, konslagerlərə göndərənlərə əlimizdən gəldiyincə dərs verdik. Bir neçə ÇK, NKVD və Kommunist Partiyası funksionerinin məsələsini həll etdik.”

“Sən çoxbilmiş bir adama bənzəyirsən. Təhsilin nədir?”

“Qori seminariyasını bitirmişəm.”

“Ali məktəbdə oxumadınmı?”

“Xeyr, ali təhsilim yoxdur. Ancaq qırx ildir həyat məktəbində oxumaqdayam. Son zamanlarda isə həyat məktəbinin ən çətin illərindən keçməkdəyəm!”

“Törətdiyin əməllərdən peşmansanmı?”

“Türkiyədə suç təşkil edəcək bir iş tutmadım. O tərəflə ilgili soruşursunuzsa, əsla peşman deyiləm! Vətənimə, millətimə və müqəddəsatıma qəsd edənlərdən bir neçəsini həll etmişəm, niyə peşman olmalıyam?”

“Neçə ildir Türkiyədəsən? ”

“Üç ildir buradayam.”

“Bu üç ildə nə iş görürdün?”

“Heç bir şey.”

“Necə yəni heç bir şey? Nə iş gördüyünü bilmirsən məgər?”

“Nə kimsəni vurdum, nə kimsəni öldürdüm. Kimə nə pislik etmişəm?”

“Bu qədər də yox! Uluslararası çalışan bir təşkilata kamyonla qaçaq silah, mühümmat gətirəcəksən, yenə də bir əməl törətmədim deyəcəksən?”

“O nə sözdür? Nə təşkilat, nə silah, nə mühümmat? Mənim heç bir şeydən xəbərim yoxdur.”

“İsgəndərundan kamyona doldurub Xıramla gətirdiyin silahlardan xəbərin yoxdur?”

“Xeyr.”

“Kamyondakı yükün nə olduğunu bilirsənmi?”

“Bilirəm. Qaçaqlara paylanmaq üzrə göndərilmiş geyimlər, qida məhsulları.”

“Bax Göyəzən, mətləbdən yayınma! Bayaqdan bəri soruşduğum suallara səmimi və dürüstcə cavablar verdin. Gəl, bu məsələylə əlaqədar suallara da dürüstcə cavab ver.”

“Kəsinliklə doğru və dürüst cavab verməkdəyəm. Bundan əsla əndişəniz olmasın.”

“Yaxşı, bu kamyondakı yükü kimdən təslim aldın? Söylə, qulaq asaq.”

“İki həftə öncə Doktor Sultanovdan bir məktub aldım. Məni İstanbula çağırdı. Yanına vardığımda Xıram da oradaydı. Almaniyadan yardımsevər bir dostunun, Qafqaz qaçaqlarına paylanmaq üçün İsgəndərun limanına ərzaq və geyim göndərəcəyini və o yükün limandan təhvil alınıb Karakösəyə çatdırılmasının lazım gəldiyini söylədi. Bu işi bizim yerinə yetirməmizi rica etdi. Biz də qəbul etdik. Hətta məsrəflərimizin qarşılığını da əvvəlcədən verdi. Bu xeyirxah işə yardımçı olmaq məqsədiylə Xıramla İsgəndəruna getdik. Limana gələn əmanətləri kirayə etdiyimiz kamyona yükləyib Karakösəyə gətirdik. Bunun harası cinayətdir?”

“Doktor Sultanovu öncədən tanıyırdınmı?”

“Şəxsən görməmişdim, amma onu bizim cinahda tanımayan yoxdur. Haqqında çox şey eşitmişdim. Bolşeviklərin yox etdiyi qaçaqların özlərindən sonra qalan yetimlərini, yaşlı ata-analarını Allahdan sonra qoruyub, onlara ürək-dirək verən yardımsevər, aydın bir insandır. Təşəkkür babından özüylə bir neçə dəfə məktublaşdım, vəssəlam.”

“Kimdir bu adam? Gerçəkdən doktormu?”

“Əlbəttə, doktordur. Həm də çox ünlü bir doktor. Azərbaycanın Zəngəzur mühitindəndir. Tibb təhsilini başa vurandan sonra Zəngəzur və Qarabağ ərazisində yayılmış bitkilərdən onlarca dərman hazırlamışdır. Köyləri dolaşaraq mən deyim yüz, siz deyin minlərcə xəstəni sağaltmışdır. Bağımsızlıq hərəkatında Məmməd Əmin Rəsulzadənin yanında öncə millət vəkili, sonra nazir olmuşdu. Kommunistlər bizim Azərbaycan Cümhuriyyətinə son qoyanda Sultanov da Avropaya getdi.”

“Çox yaxşı, bu əşyaları Almaniyadan kimin göndərdiyini bilirsənmi?”

“Yardımsevər biriymiş. Adını bilmirəm.”

“Məmməd Əmin Rəsulzadəni görsən tanıyarsanmı?”

“Özünü görməmişəm. Bolşeviklərin işğalı öncəsində Cümhuriyyətin lideri idi. Avropada olduğunu eşitmişəm.”

“Əli Əhmədoğlu ismindən istifadə edərək bu əşyaları onun göndərdiyini, hətta bu təşkilatı da onun qurdurduğunu söyləyirlər.”

“Zənn etmirəm. Cümhuriyyətə başçılıq etmiş biri belə kiçik işlərə baş qoşmaz.”

“Bu işlər səncə kiçik işdirmi?”

“Əlbəttə, kiçik işdir. Onun ordular qurması gərəkməzmi?”

“Sultanovun göndərdiyi məktubu neylədin?”

“İsgəndərunda qaldığım oteldə köynəyimi yuyanda cibimdə unutmuşam, islanmışdı, yazıları bir-birinə qarışmışdı, zibil vedrəsinə atdım.”

“Malları sizə kim təslim etdi?”

“Tanımıram.”

“Adını soruşmadın?”

“Xeyr.”

“Türkmüydü, almanmı?”

“Türkcə yaxşı danışırdı, zənn etdim Almaniyada yaşayan türklərdəndi.”

“Göyəzən, doğru söyləmir, bizi aldatmağa çalışırsan!”

“Bu həqarətinizi şiddətlə rədd edib təəssüf edirəm. Biz yalan söyləmərik! Yalan söyləsək, məmləkətdə qalardıq. Doğru söyləyib, dürüst yaşamağa çalışdığımız üçün buralardayıq.”

Göyəzənin bu sözlərinə bərk hirslənən prokuror polislərə döndü. “Bunu yuxarıya aparın. Doğruları deyəcəyi zaman yanıma gətirin”, – dedikdə otaqdan çıxarıldı. Prokuror digər polislərə “Xıramı gətirin!” deyə təlimat verdi.

Dindirmə otağına gətirilən Xıram, heç bir suala cavab verməməyə üstünlük verirdi. “Sənin kefini gözləyəsi deyiləm!” – deyə prokuror onu işgəncəçi polislərə həvalə etdikdən sonra qızğın bir ədayla “Xozeyini gətirin!” deyə səsləndi.

İki polisin qolları arasında gözləri bağlı olaraq gətirilən Xozeyin prokurorun qarşısında saxlanıb, əlləri və gözləri açıldı.

Dindirmə prokuroru,

“Hə, Xozeyin bəy! Bu nə işdir belə? Biz sizi görüb-götürmüş bir “bəy” olaraq bilirdik. Sən isə təşkilat qurub qaçaqçılıq işləriylə məşğulsan. Bu necə olur?” – deyə sual etdi.

“Anlamadım, məni necə bu şəkildə ittiham edərsiniz? Bəy olmaq – xalqının hürriyyətini əlindən alanlara, vətəni işğal edənlərə, millətinin dəyərli övladlarını öldürüb çoluq-çocuğunu islah-əmək düşərgələrinə dolduranlara qarşı mücadilə etməyi vacib vəzifəyə çevirir. Bəylər xalqının şərəfini, namusunu, varını və dövlətini qorumazsa, o xalq sömürgəcilərin əlində kölə olar. Məncə xalq bəysiz, bəylər də xalqsız ola bilməz. Məni bəy edən bu xalqdır. Ayrıca məni qaçaqçılıqla ittiham etmənizi də əsla doğru saymıram.”

“Doğru saymaya bilərsiniz, amma gerçək budur. Səndən başqa bəylər də var. Məsələn, tanımış olarsan, sizin oralardan gəlmə Borluklu bəy, Zavodlu bəy, Həmzə bəy kimi. Onların bəyliyi sizinkinə heç bənzəmir.”

“Bəy əfəndi, bizim ölkədə bəzi qavrayışların mənası dəyişdi. Görürəm ki, sizdə də bu xəstəlik başlamışdır.”

“Anlamadım, nə demək istəyirsən?”

“Demək istədiyim çox açıqdır. Sovet toplumunda vətənini satanlara “vətən qəhrəmanı”, xalqını satanlara da “xalq qəhrəmanı” deyirlər. Millətini canı bahasına sevənləri də “xalq düşməni” etiketiylə tanıdırlar. Bu xəstəlik sizə də sirayət etmiş olmalı ki, xain, satqın və oğrulara “bəy” deyirsiniz.”

“Xozeyin bəy! Dindirmədə olduğunu unutma, düzgün danış!”

“Bəy əfəndi, həm düzgün danışıram, həm də doğru. Bundan əmin ola bilərsiniz. Bəhs etdiyiniz adamlar “bəy” olsaydılar, siz məni burada, bu şəkildə sorğulaya bilməzdiniz. Siz xalqını, vətənini satanları bizə örnək göstərirsiniz. Onların nə etdikləri onların işidir. Mən xalqımı, vətənimi satmadım, satmaram da! Mən, gördüyüm işlərə məsulam.”

“Əslən haralısan?”

“Borçalının Nəcməddinli kəndindənəm. Dədələrim oraya Qarayazıdan gəlmişlər.”

“Kimlərdənsən?”

“Bizə Hacı Bayramoğulları deyirlər.”

“Təhsilin nədir?”

“Tiflis gimnaziyasından məzunam.”

“Türkcədən başqa hansı dilləri bilirsən?”

“Gürcücə, rusca və almanca.”

“Qafqazda harada yaşayırdın?”

“Tiflisdə.”

“Anan, atan oradamı?”

“Bizdə ana, ata qalmadı. Anam da, atam da məmləkətin xətir-hörmətli adamlarıydı. İkisini də gedər-gəlməzə göndərdilər.”

“Gedər-gəlməz nə deməkdir?”

“Bizim oralarda Sibirə “gedər-gəlməz” deyilir.”

“Bu təşkilatı nə məqsədlə qurdunuz?”

“Məqsədimiz bolşeviklərin xalqımızı məruz qoyduqları zülmün qarşısını almaqdır.”

“Təşkilatı kim qurdurdu?”

“Özümüz qurduq.”

“Silahları və paranı kim göndərdi?”

“Almaniyada bulunan arkadaşlarımız.”

“Kimdir bu arkadaşlarınız?”

“Bolşeviklərin yıxdığı Azərbaycan Cümhuriyyətinin Almaniyaya qaçan rəhbərləri.”

“Aralarında Məmməd Əmin Rəsulzadə varmı?”

“Zənn etmirəm.”

“Başqanınız kimdir?”

“Doktor Sultanov.”

“Digər məsullar kimlərdir?”

“Bilmirəm.”

“Digər məsullar kimlərdir, dedim!”

“Sizi rahatladacaqsa, hər şeydən sorumlu məni qəbul edin və nə edəcəksiniz mənə edin.”

“Anlaşılan budur ki, sən bizim şapalağımızı yeməmişsən.”

“Bizə şapalaq vuracaq qədər bayağılaşacağınızı zənn etmirəm.”

“Sizi şapalaqlamaq nə üçün bayağılıq olsun?”

“Vaxtilə Ərzurumda Alvarlı Əfə adında bir alim varmış. Onun bir sözü vardır. Deyir ki:

 
Yarı kim, əğyarı kim, fərq etmədikcə bir könül,
Qəflətindən zənn edər ki, dostu düşməndir ona!’
 

Bu sözə qulaq verməzsəniz, oturduğunuz budağı kəsmiş olarsınız. Dost bildiyimiz əl bizə bunu rəva görməz. Əgər siz gerçəkdən Mustafa Kamalın əsgərisinizsə, kimlərinsə istəyiylə qardaşınıza şillə-şapalaq vura bilməzsiniz.”

“Xarici ölkələrdən silah gətirib təşkilat qurmaq, dost bir ölkəyə düşməncəsinə hərəkətə hazırlaşmaq səncə doğrudur, eləmi?”

“Bu, məsələyə hansı bucaqdan baxdığınızla əlaqəlidir. Bu gün Qafqazlar sömürgəci və amansız bir zehniyyət tərəfindən işğal edilmişdir. Xalqın yeyəcək çörəyi belə əlindən alınaraq gənc, ixtiyar, qadın, qız demədən qətliama məruz buraxıldı. Qardaş bir ölkə olaraq sizin bu məzlum insanları qoruyub, dəstək olmanız, ən azından “Onları bu zülmdən necə qurtara bilərik?” deyə düşünməniz gərəkməzmi?”

“Maşallah, elə danışırsan ki, hardasa bizi də təşkilata qatacaqsan.”

“Çox doğru anladınız. Əslində görülməsi lazım gələn iş budur. Qafqazda bolşeviklərə baş əyməyən son güc bizik. Bizi baş əyməyə məcbur etsələr, sizin başınızı da yerində buraxmazlar!”

“Çox böyük danışırsan.”

“Əvət, sözlərim doğru olduğu üçün ağır gələ bilər. Baxın, türkün törəsi özünə sığınanı əsla əzməz və əzdirməz. Siz bizi kimlərinsə könlü xoş olsun deyə əzirsiniz. Əlimizi, qolumuzu, gözlərimizi bağlayıb sorğulama adına bizə həqarət edirsiniz.”

“Biz kimsənin arzusuyla deyil, ölkəmizin qanun və qaydalarını ayaqladığınız üçün sizi dindiririk.”

“Polis və jandarmlarınız bizi qollarımız bağlı buraya gətirəndə Rus konsulu qarşıdan bizi seyr edirdi.”

“Əsla bizimlə əlaqəsi yoxdur. Təsadüf olmuşdur.”

Xozeyinin təkrar danışmağa kökləndiyi sırada Göyəzənin aslan kükrəyişini andıran fəryadı eşidildi. Bəlliydi ki, dağlara sığmayan bu igidə yeddi-səkkiz kvadrat metrlik kamerada işgəncə verilirdi.

Qulaqlar Göyəzənin fəryad və iniltilərinə alışdıqdan sonra prokuror:

“Biz işimizə dönək”, – deyərək suallarına davam etmək niyyətində olduğunu göstərdi.

Göyəzənin bağırtı və iniltiləri arasında əsəbləri bərk gərilən Xozeyin:

“Qardaşını döyən başına döyər!” – deyə səsini yüksəltdikdə prokuror daha özünü saxlaya bilmədi.

“Ta Bakıdan, Tiflisdən, Təbrizdən gəlib burada təşkilat quracaqsınız! Almaniyadan silah gətirəcəksiniz! Qurtuluş savaşında bizə yardım edən bir qonşu ölkə ilə düşməncəsinə davranacaqsınız… Bütün bunlar suç olmayacaq, amma sizi sorğulamaq suç olacaq, eləmi?” – dedikdən sonra səsinə yumşaq ton qataraq:

“İndi gəl sən təşkilatın digər məsullarının adını söylə, bizi yorma!”, – deyə yaxşı adam rolunu oynamağa başladı. Ancaq aldığı cavab yenə eyniydi.

“Bilmədiyim halda, nə söyləyim?”

Bərk hiddətlənən prokuror:

“Narahat olma, bilib-bilmədiyini gec-tez öyrənəcəyik”, – deyərək komissara səsləndi.

“Bunu da yuxarıya aparaq. Söyləyincəyə qədər sorğuya davam edək.”

* * *

Çox keçmədən Xozeyinin qardaşı Nağı bəy əlləri və gözləri bağlı bir şəkildə prokurorun qarşısına çıxarıldı. Əlləri və gözləri açıldı. Sorğuya başlamadan öncə bir neçə dəqiqə əlindəki dosyeni incələyən prokuror, verəcəyi sualları zehnində götür-qoy etdikdən sonra yavaşca başını qaldırdı. Gözləriylə bir müddət Nağı bəyi süzdü.

Nağı Bayramoğlunun qısa boylu olmasına rəğmən ağabəyi Xozeyin kimi sağlam bədən quruluşu və yaraşıqlı bir duruşu vardı. Üzündə yüksək bir ciddiyyət və halında özünü açıq göstərən bir yetkinlik sezilirdi. Başı dik, duruşu sağlamdı. Bığları saqqalına görə daha gur və baxımlıydı. Geyim-kecimi gözəgəlimli, davranışında ümidsizlik, qorxu və əzginlikdən əsər yox idi.

Dindirmə prokurorun: “Hə, Nağı bəy, sən haralısan?” deməsiylə başladı.

“Borçalının Nəcməddinli kəndindənəm.”

“Xozeyin nəyindir?”

“Ağabəyimdir.”

“Aha, eləmi? Bənzəyişiniz var. Ailəniz haradadır?”

“Ailəmizdən kimsə qalmadı. Hamısını yığıb aparıblar. Kimilərinə görə güllələnmişlər, kimilərinə görə isə Sibirə göndərilmişlər. Sadəcə ikimiz qaça bildik.”

“Necə başardınız?”

“Uzun hekayədir.”

Maraqlanan prokuror: “Dinləyək, baxaq”, – deyərək gözləməyə başladı.

“Bir axşam ağabəyimlə evə gəldikdə eşitdik ki, atamı, əmimi və dayımı Sovet gizli polisi tutub aparmışdır. O dəqiqə tüfənglərimizi götürüb Qarayazı meşəsinə qaçdıq. Sonradan öyrəndiyimizə görə polislər bizim evdən gedəndən az sonra təkrar gəlib bizi soruşmuşlar. Evi-eşiyi arayıb bizi tapmadıqda anamı, yengəmi və bütün çocuqları yük maşınına doldurub aparmışlar. Onları da Sibirə sürmüşlər.”

“Sonra nə etdiniz?”

“İlk həftə ormanda bir-birimizin növbətini tutub gözlədik. İkinci həftənin ilk gecəsi nə baş verdiyini öyrənmək və yeyəcək təmini üçün ağabəyim köyə getdi. Geri, ormana qayıdanda yolu azmışdır. Görüşəcəyimiz yerin çevrəsində dolaşmağa başlamışdır.

Onun qayıdıb gəlmədiyini görüb sabaha qədər əlimdə tüfəng bir ağacın dibində gözümü qırpmadan durub gözlədim. İkinci gecə vəhşi heyvanların hücumuna uğrama qorxusuyla hündür bir ağaca dırmandım. Xəncərimlə kəsdiyim yarpaqlı budaqları və yolduğum otları belimə bağlayıb yuxarı çıxardım. Ağacın hündür budaqları arasında quş yuvasına bənzər bir yer düzəltdim. Gecəni orada keçirdim. Böcəklər, mığmığa, özəlliklə də ağcaqanadlar vücudumda sancmadıqları yer qoymadılar. Üç gün keçdi, Xozeyin ağabəyim geri dönmədi. Səfər torbamdakı son çörək qırıntıları da bir gün öncə qurtarmışdı. Aclıqdan başım gicəllənirdi. Allahdan yaxındakı qalın kolluğun arasında böyük bir su gölməçəsi vardı. Gedib-gəlib içirdim.

Üçüncü gün günortaüstü uzaqdan bir balta səsi gəlməyə başladı. Ağacların daldasında gizlənə-gizlənə səs gələn səmtə doğru irəlilədim. Ormanın kənarında bir araba vardı. Yaxınında da iki öküz otlayırdı. Arabada torba, ip, kilimə bənzər bir şeylər vardı. Balta səsi bir az da o tərəfdən gəlirdi. Bir az da yaxınlaşdım. Biri yaşlı, digəri gənc iki kişi böyük bir qarağacı böyrü üstə yıxmış, indi qol-budaqlarını budayırdılar. Tezcə arabanın yanına döndüm. Kilim parçası ilə üstü örtülmüş ərzaq torbasını götürüb uzaqlaşdım.

Ərzaq torbası əlimdə ormanın içində irəliləyirdim ki, ağacdan ağaca keçib gizlənən birini gördüm. Torbanı yerə qoyub silahımın əmniyyətini açaraq bir ağacın dibində mətərisləndim. Demə ağabəyim məni görüb tanımışdı. Gizləndiyi ağacın arxasından çıxaraq mənə əl elədi. Yanına getdim. Qucaqlaşdıq. Çox hüznlü bir rastlaşma oldu. Həyəcandan bədənim titrəyirdi. Üç günlük ayrılıq mənə üç il kimi gəlirdi. Ürəyimin döyüntüsünü eşidirdim. Ağlamaq gəldi içimdən. Ağabəyim görməsin deyə onu qucaqladım. Bir müddət ona bərk-bərk sarılı durdum. Sonra özümü ələ alıb qollarımı boşaldıb üzünə baxanda onun da ağladığını gördüm. Ağabəyim yanımda duran torbanı haradan aldığımı soruşdu. Odunçuların arabasından götürdüyümü söylədim. Geri qaytarıb yerinə qoymağımı istədi. “Oldu, sən məni aralıdan izlə, yerinə qoyub geri dönüm”, – dedim. Ərzaq torbasını aparıb ehmalca öncəki yerinə qoydum. Ancaq çox ehtiyacımız olacaq deyə arabadakı kəndiri özümlə götürdüm.

Mənim yuva düzəltdiyim ağacdan iyirmi metr aralıda olan daha böyük və sıx yarpaqlı bir ağacın hündür budaqları arasında bir yuva da ağabəyim üçün düzəltdik. Mən ağacın hündür yerinə çıxdım. Salladığım ipin ucuna onun bağladığı budaqları, ot və şax-şəvəli çəkərək tez bir vaxtda geniş və qorunaqlı bir yuva qurduq.

Bir həftəyə qədər ormanda qaldıq. Çox düşünüb daşındıq, bütün variantları götür-qoy etdik. Nəticədə burada qalmağa imkan olmadığını gördük. Nə şəhərdə, nə də köylərdə dolana biləcəkdik. Türkiyəyə adlamağa qərar verdik.

Gündüzlər gizlənib gecələr yol gedərək günlər sonrasında Ermənistan üzərindən Çıldır sınırına yetişdik. Bu köylərin çoxu türk və Berzan deyilən rum köyləridir. Rumların hamısı türkcə danışır. Bunlar ermənilərlə “dindaş”, türklərlə “dildaş”dır. Bir neçə gün o civarda qaldıqdan sonra təhlükəsiz keçid və yolları yaxşı bilən biri rum, digəri erməni iki köylünün hərəsinə bir altun verərək bələdçi tutduq. Bizi sınırdan keçirdilər.”

Prokuror Nağı Bayramoğlunun söylədiklərini sözünü kəsmədən dinləmişdi.

“Çox maraqlı bir macəra yaşamışsınız. Çox yaxşı, İrana, yəni Güney Azərbaycana keçmək və orada yuvalanıb təşkilat qurmaq daha münasib deyildimi? Nə üçün Türkiyəyə gəldiniz?”

“İran tam bağımsız bir ölkə deyil. İngilislər, min bir hiylə ilə Qacar Türk xanədanını hakimiyyətdən uzaqlaşdıraraq Şah Rza Pəhləvini iş başına gətirmişlər. Tehranın aşağısı ingilislərin, yuxarısı rusların hakimiyyətindədir. Rusların nəfəsi daima İran türklərinin ənsəsindədir. Onların bilgisi olmadan bir iş görmək mümkün deyildir. Yaxaladıqda bizi ya Rusiyaya təslim edər, ya da güllələyərdilər. Məmməd Əmin Rəsulzadə lap əvvəlcə İrana keçmişdi, amma çox qala bilməmiş, Avropaya keçməyə məcbur olmuşdu.

Türkiyə elə deyildir. Qazi Paşa bizə yardım etməsə belə, bizi əsla ruslara təslim etməz. Ona və türk xalqına güvənirik.”

“Gerçəkdənmi belə düşünürsünüz, yoxsa Türkiyənin başına bəla açmaq üçün bu çalışmalara baş vurmuşsunuz?”

“Gerçəkdən belə düşünürük. Türkiyənin başına sıxıntı açmaq yatsaq yuxumuza da girməz. Bizə görə Türkiyə, Türk dünyasının son bağımsız qalasıdır. Türkiyəni sıxıntıya salmaqdansa, ölməyi üstün tutarıq.”

“Mustafa Kamala çoxmu güvənirsiniz?”

“Əlbəttə. Baxın, sizə bunu açıqca xatırladım ki, Qazi Paşa xəstədir və bu olaylardan onun xəbəri yoxdur. Onun xəbəri olsa, bizə edilən bu heysiyyətə toxunan rəftara əsla izin verməz. Siz, bir an belə vaxt itirmədən olub-bitənlərdən, özəlliklə bizim başımıza gətirilənlərdən Ankaranı, bilxassə Qazi Paşanı məlumatlandırmalısınız. Əks halda, etdiyiniz bu səhvlər, Azərbaycan türklüyü ilə Türkiyə arasında qanayan bir yara olacaq, türk düşmənlərinin dəyirmanına su tökəcəkdir. Biz türkük, qardaşıq. Türk millətinin xadimiyik. Unutmamaq lazımdır ki, bu günün sabahı da var. Biz bu şəkildə sorğuya çəkiləcək insanlar deyilik. Bizim gözümüzü, qolumuzu bağlamaqla, öz gözünüzü və qolunuzu bağlamış olursunuz.”

* * *

Böyük daş binanın qatları arasındakı bölmələr taxtadandı. Üst qatda verilən işgəncənin səsi zəmin qatda eşidilirdi.

Qəfildən şiddətli, titrək bir çığırtı, qulaqları batırıb bütün səsləri basdırdı. Göyəzənin fəryadıydı. Eynilə təhlükə anında yoldaşlarını yardıma çağıran qurd ulamasını andırırdı bu səs. Hər tərəf səssizliyə büründü. Yüksək dozada verilən elektrik onun son dəfə titrək və göy gurultusu kimi bir qışqırtı atmasına səbəb olmuşdu. Onun qışqırtısı ilə yayılan səs dalğası cərəyan dalğası kimi qulaqları sağır etdi. Göyəzənin yanaraq sönən ürəyi qaçaqların qəlbini göynətmişdi.

Ayaq səsləri, cəld yerişli ayaq səsləri, sürətlə açılıb örtülən qapılar, boğuq danışıqlar, işarətləşmələr bir-birini qovurdu.

* * *

Valinin başqanlığında fövqəladə toplanan vilayət təhlükəsizlik şurası Göyəzənin dəfn mərasimində Qafqaz qaçaqlarından iki etibarlı kişinin də bulunmasını qərarlaşdırmışdı.

Lap əvvəldən Borçalıdan gəlib Qarsda məskunlaşan ağsaqqallardan Hacı Məhəmməd ilə Hacı Süleyman əfəndini çağırdılar. Məzarlıq imamının yuyub kəfənlədiyi cənazə onların nəzarətində bir manqa jandarmla şəhərin güneyindəki Əsri məzarlığına aparıldı. Günəşin ilk şüaları məzarlığa düşərkən ölünü gecədən əsgərlərin hazırladığı məzara endirdilər. Məzarlıq imamının Qurandan “Vela te gulu limen yugtelu fi sebilillahi əmvat… Allah yolunda öldürülənlər üçün “ölülər” deməyin” ayətlərini oxumasının ardından duanı Hacı Süleyman Əfəndi oxudu. Qəbrin üstü boyaboy yazısız bir məzar daşı ilə qapadıldı.

* * *

Şifrəli teleqramla Ankaradan Qarsa “TƏCİLİ!” qrifli bir təlimat gəldi: BÜTÜN OLUB BİTƏNLƏRİN MƏRUZƏ EDİLİB ÖZƏL KURYER İLƏ GÖNDƏRİLMƏSİ!..

* * *

Qaçaq Nurunun dindirilməsi davam edirdi.

Prokuror:

“Əlimizdə olan istihbarata görə bir çox dəfə Sovetlər Birliyinə qaçaq olaraq gedib gəlmişsən. Nə məqsədlə getdin? Haralara getdin, nə işlər gördün?” – deyir, açıqlamasını gözləyirdi.

İki saat boyunca bir-birinin ardınca irəli sürülən ittihamlara ustalıqla cavab verən Qaçaq Nuru, bir az düşündükdən sonra sakitcə cavab verdi:

“Dedim ki, hesabımız var, onun üçün getdik.”

Prokuror sualları yağdırırdı:

“Həll edə bildinizmi?” – deyirdi. “Söylə! Necə həll etdiniz?”

Dağların bənzərsiz igidi öncə suala sualla cavab verdi:

“Necə?”

Nəfəsini tutdu. Sakitcə prokuror bəyin marağını təmin etdi:

“Necə olacaq, böyük zalımlardan bir neçəsini ortadan qaldıraraq!” – dedi.

* * *

Məsələnin təqib olunması və dindirmə işinin aparılması Milli Əmniyyət Xidməti Rəyasətinin təlimatıyla Qars Milli Əmniyyət Xidmətləri Rəisliyində Cümhuriyyət Prokurorluğu, jandarm və polisin dəstəyi ilə icra edilirdi.

Dindirmələr ilk günlərdə çox şiddətli və acımadan, amansızlıqla gedirdi. Valilik və Əmniyyət, sanki Moskvanın tərəf-müqabili özləriymişcəsinə işgüzar davranırdı. Azərbaycanla, digər Qafqaz topluluqlarıyla olan qardaşlıq hüququ düşünülmürdü. Qaçaqların özlərini və xalqlarını müdafiə məqsədiylə hərəkət etdikləri az da olsa nəzərə alınmırdı.

Aparılan bu dindirmələr bir yana, açıq-aydın qaçaqları qasıb-qovurma taktikası idi.

Göyəzənin ölümündən sonra İsmayıl Bala və Koxalı Hacıxəlil də çox ağır basqılar altında sorğulandılar. Aloy Hacının aldığı zərbələr sonucunda sağ gözü görməz hala gəlmişdi. Saraçlıdan düşərgə yerində çalışan işçilərə qədər hamısı bircə-bircə sorğuya çəkildi.

Xıram, polislər tərəfindən dəfələrlə sorğulandı, ona qarşı bütün işgəncələr tətbiq olunurdu. Buna rəğmən ağzından bir kəlmə də qaçırmadı. Hər dəfəsində ona tətbiq olunan şiddət bir az da artırılırdı. Qəribəydi ki, işgəncələr ağırlaşdıqca, onun müqavimət gücü də artırdı. Son dəfə danışdırılmaq üçün daş binanın üst qatına çıxarılanda özünü pilləkən boşluğuna atdı. Xıram bu yolla daşürəklilərə ona daha işgəncə verə bilməyəcəklərinin üzüntüsünü daddırmış olurdu. Təcili qaydada xəstəxanaya çatdırıldı. Sağ qalacaqdısa, hər şey yarıda qaldığı yerdə yenidən başlayacaqdı. Bu igid insan, bəlkə də bu səbəbdən həyatda qalmağa can atmadı. Polis müdirinin təlimatıyla, guya xidmət başında olan polislərin patrul gəzərkən yolda bir cəsədə rast gəldikləri, onun ehtimal ki, qəza nəticəsində öldüyü, onu tanıyan bir kimsənin olmadığı və üzərindən şəxsiyyət vəsiqəsinin çıxmadığı, nəticə etibarilə cənazənin bələdiyyə işçilərinə təhvil verildiyi sənədləşdirildi. Şəhər məzarlığının bir küncündə dəfn edildi.

* * *

Valilik sorğulamalar davam edərkən olub-bitənləri Ankaraya teleqramla ikinci dəfə məruzə etdi. Aradan bir gün keçmiş yeni bir təlimat gəldi: “Tutulanların, indiyə qədər verdikləri ifadələr əsas götürülməklə, dosyeləri tamamlanıb məhkəməyə sövq edilmələri, Göyəzənin münasib bir şəkildə dəfn edilməsi…” istənirdi. “Münasib şəkil” – kimsələr eşitmədən, qaydalara zahirən əməl olunmaq, görüntü yaratmaq deməkdi. Qarsdakılar görüntü yaratmağı bacarırdılar…

Göyəzənin və Xıramın ölümləriylə sonuclanan işgəncəli dindirmə rəzalətinin ardından Ankaranın müdaxiləsi dosyelərin yekunlaşdırılıb məhkəmə instansiyasına keçilməsini tezləşdirmişdi. Ankara dövrəyə girməkdə bir az da geciksəydi, bəlkə də qaçaqların çoxu bu dünyanı tərk edəcəkdi. Ankaradan gələn təlimatın bir faydası da olmuş, dindirmələrin dərinləşdirilib bütün qaçaqları əhatəyə alacaq şəkildə genişlədilmə cəhətinə gedilməmişdi. Buna qarşılıq olduqca ilginc bir yanaşmayla cinayət başında yaxalanmadığı halda təşkilata yaxınlığından şübhə edilən xeyli insan üçün, bilavasitə, Qarsda nəzarətli müşahidə altında saxlanmaları yönündə qərar verilmişdi.

Xeyli zəhmətin sonunda Saraçlı, İsgəndərunlu sürücü və yaylada çalışdırılan işçilər ilk məhkəmədə sərbəst buraxıldılar.

Mühakimənin sonunda vilayət hüdudlarından kənara çıxarılmasına qərar verilən qaçaqlar, vaxt itirilmədən sürgün yerlərinə aparılmaları üçün jandarma təslim edildilər.

Qərara uyğun olaraq, hələlik Türkiyə Cümhuriyyəti vətəndaşı olmayan Xozeyin və Nağı Bayramoğlu ölkədən çıxarılırdı. Bununla kifayətlənilmir, beş il boyunca Türkiyəyə gəlmələri yasaqlanırdı. İki qardaş elə ertəsi gün Trabzon limanına, oradan da İstanbula göndərildilər.

Qərar açıqlanar-açıqlanmaz, eyni gündə, çoluğu-çocuğu olmayan Qaçaq Nuru və Koxalı Hacıxəlil Sivasa, Məhəmməd Matos Çaldırana, İsmayıl Bala Ercişə doğru yola çıxarıldılar.

Bitlisə sürgün edilən Məhəmməd Təmənoğlu ilə Bayburta sürgün edilən Baba Məmmədov da ertəsi gün yola çıxarıldılar.

Aloy Hacının Eleşkirtdə məcburi iqaməti uyğun görülmüşdü. Ayrıca Qars Milli İstihbaratının məhkəməyə təqdim etdiyi raport diqqətə alınaraq Aloy Hacının qayınatası Çıldırlı Allahyar əfəndi də qaçaqlara dəstək olub, onlara yer-yataq verdiyindən dolayı Eleşkirtə göndərilirdi. Təknəli Musa əfəndi də yardım və yataqlıq etməklə suçlanmış, Ercişdə məcburi iqaməti uyğun görülmüşdü.

Aloy Hacı, Allahyar əfəndi və Təknəli Musa əfəndi evli, mallı-mülklü, çoluq-çocuq sahibi olmalarından dolayı hazırlaşa bilmələri üçün bir gün müddət verilmişdi.

Özünün də sürgün edildiyindən xəbəri olmayan Allahyar əfəndi, kürəkəni Aloy Hacının sürgün xəbərini eşidər-eşitməz Muxtar Alı Katdanı da özüylə götürüb valiylə görüşməyə getmişdi.

Alı Katda:

“Möhtərəm valim, eşitdik ki, Qafqaz qaçaqlarından bəziləri sürgün edilir. Bizim yaxınımız olan Aloy Hacı da Eleşkirtə göndərilir. Bu duruma çox üzüldük”, – dedikdən sonra yanındakı Allahyar əfəndiyə işarət edərək:

“Aloy Hacının Qarsda qalıb yuva sahibi olması üçün onu, Çıldırın dəyərli sakinlərindən olan bu arkadaşımızın qızıyla evləndirdik. Yuvasını yenicə qurmuşdu ki, indi də bu durumla qarşılaşdıq. Sizdən umacağımız, himmət edin, onu sürgünə göndərməyin. Qanunsuz bir işə qarışmayacağına dair zamin oluruq.”

Ali Katdanı dinləyən Vali:

“Yaxşı da, Aloy Hacı gizli bir təşkilat içərisində yer almışdır”, – dedi.

“Əfəndim, inanın, dostlarının xatirinə qatılmışdır. Qəti söz veririk, innən sonra belə bir şeyə təvəssül etməyəcəkdir.”

“Bu mövzuda mənim və ya kimsənin edəcəyi bir şey yoxdur. Çünki sürgün edilmələrinə məhkəmə qərar vermişdir”, – deyən Valinin qətiyyəti qarşısında Allahyar əfəndi:

“Möhtərəm valim, heçmi yolu yoxdur?” – deyə soruşdu.

“Heç bir yolu yoxdur.”

“Arvadı nə olacaq, heç bilmirəm?”

“Arvadını da özüylə götürsün. Eleşkirtin bir köyündə onlara ev, tarla, biçənək veriləcək. Yuvasını orada qursun. Uzun müddətliyə orada məcburi iqamətə tabe tutulacaqlar”, – deyən Vali birdən ağlına yeni bir şey gəlmiş kimi önündəki vərəqləri qarışdırmağa başladı. Qarşısındakına:

“Bir dayan, sənin adın nəydi?” – deyə soruşdu.

“Allahyar.”

Önündəki kağızın üzərində barmağını diqqətlə gəzdirən Vali:

“Hə! Sənin də göndərilmə qərarın çıxmışdır. Sən də Eleşkirtə gedəcəksən. Yaxşı olar, bir-birinizə həyan olarsınız”, – dedi.

Vəziyyət belə bir şəkil aldıqda, görüşdən umduğunu ala bilməyən Muxtar Ali Katda, sözünü əsirgəməyə gərək duymadan:

“Möhtərəm Valim, yanlış anlaşılmasın, amma neçə-neçə oğru-əyri Qarsın mərkəzində məkan tutmuşkən, bu qəhrəman insanların sürgün edilməsi Qarsın və məmləkətin xeyrinə deyildir”, – deyərək məqamdan çıxmaq üçün ayağa qalxdı.

Ali Katdanı eşitməzliyə vuran Vali:

“Yaxşı olar, Muxtar, əndişəniz olmasın, yaxşı olar”, – deyərək onlara yol verdi.

* * *

Dördüncü Bölüm
Göyəzəni Mən Öldürdüm

İstanbulda olan Doktor Sultanov, Buğatəpə düşərgəsində yaşananları öyrənməkdə gecikməmişdi. Silah və mühümmata əl qoyulub qaçaqların tutulduğu xəbərini alar-almaz Ankaraya yola çıxdı.

Qafqaz İntiqam Qartalları təşkilatını qurduqdan sonra İstanbuldan kənara ilk dəfəydi çıxırdı. Yaşanan uğursuzluğu vaxt itirmədən Əli Əhmədoğluya da bildirdi. Əhmədoğlu bir neçə yerə teleqram vurub məsələylə maraqlanmalarını rica etdi. Doktor Sultanov bir yandan xətir-hörmətli dostları vasitəsiylə səlahiyyətli şəxslərlə görüşüb duruma müdaxilə etmələrinə, bir yandan da Qarsda olub-keçənlərdən təfərrüatı ilə xəbərdar olmağa çalışırdı. Bir arkadaşının adı ilə Əmiraslan Tomtuluya vurduğu teleqram-larda durumun gedişini təqib edirdi.

Göyəzən və Xıramın sorğu əsnasında işgəncəylə öldürülməsi Sultanovu dərindən sarsıtmışdı, eşitdiklərinin yalan olmasını xəyal edən bir halı vardı. Xəbərlər ona etibarlı yerdən çatdırıldığı üçün bir neçə dəqiqə sonra həqiqətlərin zehnindəki xəyalları süpürüb atmasını əngəlləyə bilmirdi. Ona bu durum bolşeviklərin etdiyi zülm və işgəncələrdən daha ağır gəlirdi.

QİQ-in düşərgə yeri və silah-mühümmat üzrə məsulların elə iş başındaca yaxalanmaları qəbul edilə bilər bir durum deyildi. Bu necə ola bilərdi? Ən təcrübəli qaçaqların istintaqı qısa bir vaxtda bitirilmiş, mühakimə edilərək qırğı görmüş cücələr kimi müxtəlif vilayətlərə dağıdılmış, təşkilatın iş görəcək halı qalmamışdı. Sürgün qərarları qüvvəyə mindikdən sonra İstanbula dönən Doktorun qafasındakı ən böyük məsələ bu xəyanəti kimin, necə etdiyini öyrənməkdi. Bu niyyətlə dostlarından Əmiraslan Tomtulu ilə Hacı Vəlini İstanbula dəvət etdi. Onlarla Boğazın Avropa yaxasında kirayə etdiyi yeni ofisində görüşdü.

Qarşılaşmaları çox acı oldu. Dəqiqələrcə bir-birlərinə sarılıb ağladılar, göz yaşları bir-birinə qarışdı.

Doktor Sultanov Əmiraslandan: “Əziz qardaşım, bu nə haldır? Elə işin başlanğıcındaykən belə bir uğursuzluqla qarşılaşmamızın səbəbi nədir?” – deyə soruşdu.

Əmiraslan çox üzgündü. Duyğulanmış, ürəyi kövrəlmiş, kədərindən dili söz tutmurdu.

Hacı Vəliyə dönən Doktor Sultanov:

“Əziz Hacım, bu başımıza gələn nəyin nəsidir? Necə oldu ki, bu acını yaşayırıq? Allah eşqinə, deyin mənə! Olanları ağlıma sığışdıra bilmirəm. Deyəsən başıma hava gələcək. Bu qədər götür-qoy edərək, düşünüb-daşınaraq başladığımız iş necə oldu lap başlanğıcda məğlubiyyətə uğrar?”

Hacı Vəli, sanki suyu donmuş daş bulağa dönmüşdü.

“Xəyanətə uğradıq, əzizim, xəyanətə! Bəli, satılmışlar bizi satdı!”, – dedikdən sonra, Əmiraslana baxaraq:

“Xəyanətin dərəcəsini Əmir qardaşımız daha yaxşı bilir, o danışsın”, – deyərək başını əydi.

Əmiraslan, ürək ağrısını gözlərindən axıtmış, yanaqlarından süzülən göz yaşlarını silərək özünü toparlamışdı. İçini dərindən çəkdikdən sonra dilindəkilər tökülməyə başladı:

“Xəyanətə uğradıq, Doktor, xəyanətə! Bu qədər tarix oxudum, nə qədər mücadilə dastanları dinlədim; belə bir alçaqlıq görmədim. Belə bir söz var “Oğru evin içindən olsa, öküz bacadan çıxar”. Bizim xainimiz də içimizdən çıxdı. Siçandan törəyən gəmirici olar. Bunlar zatən dədə-babadan rus xəfiyyələridir.”

“Necə oldu? Lütfən, başdan danış.”

“Danışım: İstanbuldakı toplantının ardından Qarsa dönər-dönməz hamımız verdiyiniz təlimatlar istiqamətində çalışmağa başladıq. Qaçaqlarla yeddi-səkkiz nəfər işçi tapdıq. Bir tərəfdən Buğatəpə düşərgəsini nizamlamağa çalışır, bir yandan da ayaqdan yeyin, dözümlü at təmini və saxlanc yerlərinin inşasıyla məşğul olurduq. Silah və mühümmatların sizlər tərəfindən göndəriləcəyinə şübhəmiz yoxdu.”

“Əfsuslar olsun ki, iki nəfər satılmış ruhlu xainin oyununa düşdük.”

“Sizi satan işçilərmi oldu? Nə üçün etibarlı əqrəbalarınızdan seçmədiniz çalışanları?”

“Yox, bəy. Elə olsa, cahilliklərinə, bizi və ardınca getdiyimiz ideallarımızı anlaya bilmədiklərinə yozardık. Məsələ elə deyil, ondan da betərdir.”

“Aslan ağam, işçilər deyilsə, sizi ələ verən kimlərdir?”

“İstanbulda təşkil etdiyiniz ilk toplantıya qatılan iki xain: – Borluklu və Zavodlu.”

“Necə yəni, istihbaratın adamlarıymış onlar?”

“Kaş ki elə olaydı. Dövlət üçün çalışırlar, dövlət bi-zim dövlətimizdir deyər, bağrımıza daş basardıq.”

Sultanov, danışılanları sanki nəfəs almadan dinləyir, bu xəyanəti edənlərin kimlər olduğuna maraq edirdi.

Sultanov, ağlına gələnin gerçək çıxmasından qorxar bir halda, “Bircə bunu demə…” demişdi ki arxasını Əmiraslan tamamladı.

“Toplantıda qəbul edilən qərarları bütün təfərrüatıyla yeməyib-içmədən o saat Qarsdakı Sovet Konsuluna çatdırmışlar. Əlavə olaraq, Əli Əhmədoğlunun göndərəcəyi məktubdan da bəhs etmişlər.”

Əmiraslan, nəfəsini dərib, qaldığı yerdən sonrasını danışmağa davam etdi.

“Konsul dərrakəli, işini yaxşı bilən bir adamdır. Bunlara bir xeyli ilgi, iltifat göstərmişdir. Xalqların dostluğundan, barışın önəmindən dəm vurmuş və məktubu ona gətirəcəkləri halda çox məmnun qalıb, dostluqlarının daha da artacağını söyləmişdir. Bu istəyi yerinə yetirmək üçün Zavodlu, Baqqal Mustafanın dükanına gedib-gələrək nəhayət məktubu ələ keçirib fotoşəklini çəkdirməyi bacarmışdır. Borluklu və Həmzə Qarabağlını da özüylə götürüb axsamın qaranlığında konsulun malikanəsinə getmişlər.”

“Vay, alçaqlar, vay! Bizi satıb planımızı pozanlar demək onlardır!” – deyən Sultanov:

“Göyəzən və Xıramın ölümünə səbəb o qansızlarmış?” – deyərək döyünməyə başladı. Ağlı üstünə gəlmiş kimi olunca:

“Siz əvvəl iki nəfər deyirdiniz, halbuki konsulun yanına üç nəfər gedib… Ah, Həmzə, ah! Bunu bizə necə rəva gördün?” – deyərək dişlərini gıcırdatmağa başladı.

“Doktor Bəy, Həmzə olaya istəməyərək qarışmış kimi görükür…”

“Necə istəməyərək qarışmış, həm konsulluğa onlarla getmişdir deyirsən, həm də…”

“Sonradan əldə etdiyim məlumata görə, öncə iki xəbərçi Həmzədən xəbərsiz getmişlər. Sonrakı gedişlərində Həmzəni də yanlarına almaq istədikdə, Həmzə onlara əngəl olmağa qalxmışdır. İçdikləri andı xatırlatmış, “Qaçaqlar çox sıxıntıya düşərlər” demiş, amma o birilər onun dediklərinə zidd çıxmışlar, atdıqları addımın məmləkətin xeyrinə olduğuna Həmzəni inandıra bilmişlər. “Qaçaqların az bir cəzayla qurtulmalarını təmin edərəm” ümidiylə onların arxasınca düşmüşdür. Mənim eşitdiklərim bunlardır.”

Sinirləri əməllicə gərilən Sultanov:

“Necə az bir cəza? Bu xainlər Qafqaz İntiqam Qartallarını bitirdiklərinin fərqində deyillərmi? Çoluğumuza-çocuğumuza, anamıza-atamıza həsrət qalaraq, yana-yana röyasını gördüyümüz vətənimizin gələcəyiylə bağlı ümidlərimizi öldürdüklərini görmürdülərmi? İşə hələ başlamadan Göyəzənlə Xıramın ölümünə, Aloy Hacının bir gözünü itirməsinə səbəb oldular. Hələ bundan sonra çəkəcəyimiz sıxıntılar…”

“Bəy, elədikləri, yeyilən-udulan bir şey deyil, amma işin əsasını bilin deyə danışdım.”

O qədər də geniş olmayan ofisində o küncdən bu küncə ayaqlarını çat-çat vuraraq gedib-gələn Doktor, Əmiraslanla sərt danışmağın haqsızlıq olduğunu bilir, amma özünü ələ ala bilmirdi. Ən çox da özünə acığı tuturdu.

“Konsulla nə danışmışlar, öyrənə bildinmi?”

“Məktubu oxuyan konsul durumu Ankaradakı Sovet Böyük elçiliyinə bildirəcəyini söylədikdə, iplərini təslim etdikləri adama: “Bu bilgiləri ölkələrimiz arasında dostluğun pozulmaması üçün sizə veririk. Ancaq bu təşkilatı quranlar çox yaxın arkadaşlarımızdır. Onların zərər görməsini istəmirik”, – demişlər. Adam təbii ki, qurd kimi təcrübəli birisidir. “Əlimdən gələni edəcəyəm”, – deyərək bunların ağızlarına bir barmaq bal, arxasından da önlərinə sümük olaraq bir miqdar altun tullayıb yola salmışdır.”

“Tam mənasıyla satılmışlar desənə!” – dedikdən sonra Sultanov, qafasını məşğul edən məsələni soruşmağı unutmadı:

“Bütün bu təfərrüatları sən haradan əldə etdin? ”

“Doğrunun yardımçısı Allahdır. Əmniyyətdə vətənsevər, inanclı bir qardaşımız var. Sağ olsun, yaşananları saatıyla, dəqiqəsiylə bizə çatdırdı.”

“Bu əmniyyətçi, sənin bizimlə rabitədə olduğunu bilirmi? ”

“Qafqaz köçməni olduğumu bilir, ancaq Qafqaz İntiqam Qartallarından olduğumu bilməz”, – deyən Əmiraslan, əsl mövzunun üstünə qayıtdı:

“Konsul onlar qəhvəsini içərkən məktubun məzmunundan Sovetlərin Ankara Böyük elçiliyini xəbərdar etmişdir. Onlar Moskvanı, Moskva da öz növbəsində Ankaradakı Türk məqamlarına məsələni deyən kimi təhlükəsizlik gücləri səfərbər edilmişdir. Bir yandan kamyon izlənməyə başlamış, bir yandan da Buğatəpə yaylası mühasirə edilmişdir. Qaçaqlar və onlarla əlaqəli görülən yaxınlarından kim varsa, yaxalanıb Milli Əmniyyətə gətirilərək dindirilmişlər. İlk dindirməyə Göyəzən gətirilib. Uzun müddət ağzını açıb danışmamışdır. Elektrik vermişlər. Yüksək dozada verilən elektrik nəticəsində ürəyi dayanaraq ölmüşdür. Xıram heç danışmayıb. Təkrar-təkrar işgəncələrdən keçirilmişdir. Sonuncu dəfə işgəncəyə aparılanda özünü pilləkən boşluğuna ataraq intihar etmişdir.

Sizin vəziyyəti Ankaraya bildirib məsələnin üstünə düşmənizlə işgəncələr dayandırılmışdır. Qaçaqlar məhkəməyə çıxarılıb mühakimə edilmişlər. Xozeyin və Nağı qardaşları ölkədən xaric edilmə, digərlərinə fərqli vilayətlərdə məcburi məskunlaşma qərarı verildi.”

* * *

Doktor Sultanov Əmiraslanın sözünü bitirməsindən sonra otaqda bir neçə dəfə də get-gəl etdikdən sonra pəncərənin önündə dayanıb uzaqlara baxaraq dodağının altında astadan danışmağa başladı:

“Alçaq Borluklu! Bu alçaq Borçalıda da Sovet xəfiyyəsiydi. Orada onlarca məsum insana xəyanət etdikdən sonra Türkiyəyə keçdi. Etdiyi əməllərindən min dəfə peşman olduğunu, sədaqətlə bizim yanımızda olacağını söyləmişdi. Bu alçaqlığı edəcəyinə əsla inanmazdım. Demək ki, vəzifəsini indi Türkiyədə davam etdirir…”

* * *

Gəlişmələri bütün açıqlığıyla öyrənən Doktor Sultanov, buraxılan xətaların sorumlusu olaraq özünü görərək, öz-özünə danışıb, döyünürdü.

“Necə oldu, belə bir yanlışa yol verdim? Bu adam Qazaxda öncə ÇK-nın, sonra NKVD-nin xəfiyyəsiydi. Nə qədər insanın sürgününə və öldürülməsinə o səbəb olmuşdu. Onlarca insana yalançı şahidlik etmiş, üzlərinə durmuşdu. Yalanları ifşa olunca, öldürüləcəyini anlamış və Türkiyəyə qaçmışdı. Buradakılara da özünü milliyyətçi, Sovet əleyhdarı olduğunu, NKVD-nin onu öldürəcəyini bildiyi üçün buraya gəldiyini söyləyərək Türk məqamlarını aldadıb böyük bir yaylanın üzərində yerbəyer oldu. Bunları mən bilir, onun etdiyi xainlikləri bildiyimi o da bilirdi. Bunun üçün məndən çox çəkinirdi. Bir dəfə yanıma gəlib tövbə etdiyini, artıq Sovet hökumətinə qarşı mücadilə edəcəyini söyləyərək namusuna və şərəfinə and içdi. Atalarımız “Bilmirəm nəyin tövbəsi çuxuru görənə qədərdir” deyərkən haqlıymışlar. Mən belə bir yanlışa necə oldu yol verdim? Necə oldu ki, ona inandım? O igid Göyəzənin, o qəhrəman Xıramın ölümlərinə səbəb oldum? Mən özümü necə bağışlayım? Ölümə layiq əslində mənəm. Məzara girməsi lazım gələn mənəm, amma məni yer də qəbul etməz!”

Əmiraslan, Doktor Sultanovun əhvali-ruhiyyəsinin bərk pozulduğunu görürdü. Onu təskin etmək üçün:

“A bəy, özünü həlak etmə! Yaşadığımız ilk xainlik bu deyil. Atalarımız da bənzərini çox görmüşdür. Siz də bilirsiniz ki, Azadistan Dövlətinin lideri Şeyx Məhəmməd Xiyabaninin yerini işğal güclərinə ən yaxın adamı söyləmişdir. Qazax Kene Sarını ruslara Taşməmməd yaxalatmışdır. Bu alçaqların bənzəri az deyildir. Özünə haqsızlıq edib, az günahlandır!”

“Əmiraslan ağam, öz əlimdə deyil, beynim uğuldayır. Ciyərim yanır. Göyəzən və Xıram gözümün önündən getmir. Hə, yeni ağlıma gəldi, dediniz ki, Aloy Hacının gözünün birini tökmüşlər. Onun durumu necədir?”

“Mən yaxından görəmmədim. Hacı Vəli görüb, qoy o danışsın.”

Hacı Vəli, xəfifcə öksürdükdən sonra diqqətli bir üslubla danışmağa başladı. Elə cümlələr qurmalıydı ki, həm gerçəyi əks etdirsin, həm də Sultanov çox üzülməsin.

“Aloy Hacının da, Hacıxəlilin də üstlərinə bərk düşmüşlər. Əgər sizlərin müdaxiləniz nəticəsində Ankara duruma qarışmasaydı, onların da sonu pis olacaqdı. Bəlkə də qaçaqların əksəriyyəti əldən çıxacaqdı. Aloy Hacının gözünün altı-üstü torbalanmışdır. İnşallah şişlər çəkilər, gözü açılar.”

“Hacıxəlilin bir şikəstliyi varmı?”

“Görünüşündə yox, ancaq bərk əziyyət çəkdiyini söyləyə bilərəm.”

“İki gündür sizi çox yordum. Haqqınızı halal edin! Saraçlı Ağanın evində jandarmalarla nələr yaşanmış?”

“İsgəndərundan yola çıxan kamyon axşam qaranlığı yenicə düşərkən Saraçlı Ağanın evinə gəlmiş. Kamyonun yükünü Saraçlının yük maşınına doldurub üzərinə çadır çəkərkən jandarmlar ətraflarını sarmış. Komutan hamısını tutub əllərini bağlatmaq istəmiş. Saraçlı və anası böyük təpki göstərmiş. Malikanədə nə qədər gəlin-qız varsa, tüfəngini əlinə alan bir divarı özünə sipər edəndə hava gərginləşib. Komutan usta davranıb. Orada kimsəni təslim almayıb. Kamyonlar köydən uzaqlaşdıqdan sonra gecənin qaranlığından da faydalanaraq yönlərini çevirib Qars əmniyyətinə gətirmişlər. Gerisini zatən bilirsiniz.”

* * *

Doktor Sultanov danışılanları dinlədikcə haldan-hala düşürdü. Bir neçə dəfə silahını qafasına dayayıb tətiyi çəkməyi düşündüsə də, müsafirlər pərişan olar deyə fikrindən vaz keçdi.

Müsafirləri uğurlayıb ofisinə döndükdən sonra iş masasının arxasındakı dolablı masanın önünə keçdi. Göyəzən və Xıram yenə gözlərinin önündə dikilib durmaqdaydı. Sultanovun gözünün içinə baxa-baxa: “Adamlarının bizə etdiyini bəyənirsənmi?” – deyirdilər. Doktorun iradəsinin nizamı pozulmuşdu. Artıq özünə hakim deyildi. Bu sıxıntıdan qurtulmanın tək yolu vardı: yuxuya getmək…

Masasının siyirməsini qarışdırmağa başladı. Nə aradığını özü də bilmirdi. Günlər öncə qoyub varlığını belə unutduğu şüşələrdən biri dəydi barmaqlarına. Bax bu onu yuxu aləminə aparacaqdı. Qapağını açdı. Şüşədə nə qədər dərman vardısa ağzına boşaltdı. Boğazı bir az yansa da, mayeni udqunub mədəsinə göndərməsi çox da çətin olmadı.

Elə bu əsnada iş yoldaşı İqbal Dərmançı ofisə gəldi. Sultanovu bayğın görüncə yaxınlaşaraq qoxuladı. Elə o dəqiqə maşın çağıraraq xəstəxanaya apardı.

Oraya çatan kimi intensiv tibbi nəzarətə alınan Doktor Sultanovun əynindəki geyimləri tam çıxarıldı. Xəstəxana işçisi polis mərkəzini arayaraq: “İntihar təşəbbüsündə bulunan bir xəstə gətirildi. Cibindən çıxan vəsiqədən şəxsin Azərbaycan əhalisindən olan Qarabağ – Zəngəzur doğumlu Xosrov Paşa bəy Sultanoğlu olduğu anlaşılmaqdadır. Ərz olunur”, – şəklində məlumat verdi.

İkinci gün özünə gələn Doktor, gözlərini açanda, qarşısında məsləkdaşlarını və bir polis məmurunu gördükdə:

“Mən haradayam?” – deyə soruşdu.

Baş həkim:

“Xəstəxanadasan. Sakit ol! Bir qəza keçirmişsən”.

Sultanov qalxmaq istəyəndə növbətçi doktor, xəbərdarlıq etdi:

“Qəti qımıldama, hələlik qalxmağın doğru olmaz. Mədən yuyuldu. Serum veririk. Lütfən özünü zora salma!”

“Məni buraya kim gətirdi?”

“İş yoldaşın gətirdi.”

“Göyəzənlə Xıram haradadır?”

…

“Mən onların yanına gedirdim. Niyə buraya gətirdilər?” – deyə soruşan Sultanov halsız qaldı və gözləri süzülərək yavaş-yavaş qapandı.

Sultanovun yastığı başındakı psixoloq və polis məmuru, bir-birlərinin üzünə baxdılar. Psixoloq:

“Narahat olmayın, bir müddət sonra ayılaraq özünə gələcək”, – dedi və sözünə əlavə etdi:

“Göyəzən və Xıram kim isə onları çox sevdiyi aşikardır”.

Polis:

“Onların yanına getməkdən bəhs edir, hara ola bilər?” – deyə soruşanda psixoloq təbəssümlə dedi:

“Gedənin gəlmədiyi yer olmalı, yəni məzarlıq”.

“Hə, anladım”, – deyən polis agentinə psixoloq üç kəlmə yazdı:

“Göyəzən, Xıram, məzarlıq.”

* * *

Olayın üstündən dörd gün keçdikdə polis məmuru yekunlaşdırdığı dosyeni sayğılı bir üslubda prokurora təqdim etdi.

Prokuror məmurun masanın üstünə qoyduğu dosyeni astadan oxumağa başladı: Gəncə gimnaziyasının ardından Novorossiysk Universiteti Tibb fakültəsini bitirmişdir. Qarabağda doktorluq etmişdir. Bölgənin bitkilərindən müxtəlif dərmanlar hazırlayaraq xəstələri müalicə etmişdir. Şuşada evinin birini kitabxanaya çevirmişdir. Məslək fərqini nəzərə almadan orta yaşlı insanlara tarix və mədəniyyət mövzularında seminarlar təşkil etmişdir.

Bolşevik ixtilalı əsnasında Müsavat Partiyasında vəzifədə olmuş, Rusiya Müəssislər Məclisinə millət vəkili seçilmişdir. Ardından İttihad Partiyası rəhbərliyində vəzifədə olmuşdur. Güney Qafqaz Məclisinin üzvü olmuşdur. 28 may 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsini imzalayan iyirmi altı siyasətçi arasında yer almışdır. Birinci hökumət kabinəsində hərbiyyə naziri, İkinci hökumətdə əkinçilik naziri olmuşdur.

Qarabağ general-qubernatoru ikən Qızıl Ordu Azərbaycanı işğal edəndə Avropaya qaçmışdır. Pərən-pərən düşən ittihadçıları bir araya gətirmək üçün Paris, Təbriz, Tehran arasında məkik toxumuşdur.

Keçən ay, Qarsda bolşeviklərdən intiqam almaq üçün qurulan Qafqaz İntiqam Qartalları təşkilatında yer alan iki arkadaşının öldürülməsi, onların təşkilatda tapşırıq almasına səbəb olduğu üçün özünü suçlu görmüş və ruhi sarsıntı keçirərək intihara cəhd göstərmişdir.

* * *

Dosyeni oxuyan prokuror heyrət içində qalmışdı. Qalxıb odada gəzinməyə başladı. Öz-özünə: “Ola bilməz, belə bir şey ola bilməz!” – deyirdi. “Gənclik illərindən bəri ölkə çapında, hətta uluslararası miqyasda bir mücadilənin içində olan bir elm, siyasət və dövlət adamının intihar etməsi normal bir olay deyildir. Ehtimal ki, onun intiharının arxasında başqa səbəblər vardır. Dünyada çox az görülən, yüksək səviyyədə mərhəmət və məsuliyyət vəsfinə sahib olmaqdan dolayı intihara təşəbbüs etmiş ola bilər. Onu mütləq görməm və özünü bilavasitə dinləməm lazımdır”, – deyə düşünürdü.

Prokuror, Sultanovun yatdığı palataya yollandı.

“İntihara təşəbbüs etmənin səbəbini danışarsınızmı?” – deyə soruşdu.

“Vətənim Azərbaycanın işğal edilməsinə, onlarca generalımızın Nargin adasında güllələnməsinə, insanlarımızın bir ucdan Sibirə, qumlu səhralara sürgün edilməsinə, erməni daşnak çətələrinin Azərbaycan xalqının başında qoz qırmasına laqeyd qala bilməzdim. Ölkəmin insanları pərişan durumdadır. Çeşidli bəhanələrlə ölkəmizdə ağlı başında insan qoymadılar. Ailələr dağıdıldı. Xalqımızın ümidi bizik. Bir şey etmək lazım gəldiyini düşündüm. Millətimizin gələcəyi üçün mütləq mücadilə etməmiz gərəkir.

Qarsda qurulan təşkilatımız xəyanətə uğradı. Əmniyyətdəki sorğuda Göyəzən və Xıram adlı iki igidimizi itirdik. Bir neçə arkadaşımız şikəst qaldı. O halları ilə hər an gözümün önünə gəlirlər. Onların acısına dözə bilmədim. Yanlarına gedib, onlardan üzr diləmək niyyətiylə intihar təşəbbüsündə bulundum.”

“Sənin quruca yaşamağın belə xalqına xidmətdir. Ölənlə ölmək olmaz. Onların ölümü sənin əzmini daha da alovlandırmalıdır. Özün deyirsən ki, “xalqımızın ümidi bizik”. Doğrudur, millətinin ümidi sizin kimilərdir. Sən öz canına qıyarsan, meydanı xainlərə buraxmış olmazsanmı? Lütfən, özünə qıyma. Hətta özünə yaxşı bax. Vətən sizdən çox böyük xidmətlər gözləməkdədir.”

“Xalqıma çarə olmaq üçün bir şey edə bilməsəm, yaşamağımın mənası nədir?”

“Doğru deyirsən, ancaq xidmət etmək özünü öldürməklə olmaz ki. Sən çox böyük xidmətlər edəcək gücdəsən. Təkrar edirəm, özünə yaxşı bax. Allah səni xalqına çox görməsin!”

* * *

Doktor Sultanov xəstəxanadan evə buraxılandan sonra İstanbulda rahatlıq tapmadı. Fransaya gedərək orada bir xəstəxana açdı. 1941-də alman-rus savaşının başlamasıyla cəbhədə yaralananları müalicə etdi. Bu arada Avropa ölkələrinə sığınan, özəlliklə almanlara əsir düşən azərbaycanlı əsgərləri müalicə görüntüsü altında başına toplamağa başladı. Şəhər kənarında kirayə etdiyi bir fermanı bunlar için təlim ocağı halına gətirmişdi. Ürəyində dərd bağlamış idealını gerçəkləşdirməyi düşünməkdəydi. Fəqət uzaq bir ölkədə olduğu üçün yetişdirdiyi bu adamları Sovet ərazisinə sövq etməsi çətin bir iş idi.

* * *

Savaşın başlanmasından iki il keçirdi. Ağlından keçənləri reallaşdıra bilmək üçün yollar aramağa başlamışdı. İstanbula döndü. Nə qədər üzüntülü olsa da, ağlından keçirdiyini gerçəkləşdirə bilməyə ömrü vəfa etmədi. Qaldığı pansionda ölü olaraq bulundu…

* * *

Beşinci Bölüm
Nargin Adasında Bir Qazi

Azərbaycan, Xəzərə əyilərək su içən, iri qanadlı bir qartalı andırır. Sahildən baxdıqda Nargin adası da ustalar ustasının əsəri olduğunu bəlli edən bir boyunbağı kimidir. Bakı sahilindən on yeddi kilometr məsafədəki bu torpaq parçası, minlərcə məsumun ərimiş bədənini canına-qanına hopdurmuşdur. Əsrlərdir dörd bir yanı ilanlar, çayanlar, köstəbəklər tərəfindən oyum-oyum oyulan, tikililəri uçuq-sökük, bitki örtüyü yoxa çıxmış, qədim dövrlərdən çağımıza təbəssüm göndərən bir xarabalıq yerinə dönmüşdür.

İyirminci yüzilin ilk rübündə zülm buranı özünə məkan tutmuş, qan və göz yaşı Nargində meydan almışdır.

O günə qədər adada fələyin çarxı tərsinə işləmişdir. Bir adı da İlanlı ada olan bu talesiz torpaq parçası, həyatın dəyərlərini tərsinə oxumaqda mahirdi. Zülmün meydan suladığı dövrlərdə abad, dincliyin hakim olduğu dönəmlərdə bərbad olmuşdur.

Bilinən tarixində dəfələrlə dolmuş, bir o qədər də boşalıb insansızlığa, kimsəsizliyə təslim olmuşdur.

Birinci Dünya Savaşı illərində on mindən çox türk hərbçisi bu adada dustaq saxlanmış, az qala hamısı bədənlərini burada qoyub cənnətə uçmuşdur.

Nargin, bolşevik inqilabından sonra da şair, yazar və alimlərin zülmə məruz qaldığı adres halına gəlmiş, minlərcə aydının məsum bədəni xırmanda sovrularaq ilanlı, çayanlı torpaqlara qarışmışdır. Sonrakı günlərdə adaya bir başqa dustaq qrupu da gətirildi. Bunlar təfsirçilər, qazilər, ruhanilər və pirlərdi. Hazırlanan siyahının altında Azərbaycan Xalq Daxili İşlər Komissarlığının komissar müavini Borşovun imzası dururdu. Ölkənin dörd bir yanından toplanan bu alimlər insanlıqdan kənar işgəncələrin müşayiəti ilə dindirilir, uydurma ifadələr alınıb altına imza atdırılan dəlil-sübutlardan ibarət dosyelər Fövqəladə Üçlük deyə adlandırılan fövqəladə məhkəmələrə göndərilirdi.

Ölkənin onlarca yaşayış məntəqəsində qurulan fövqəladə məhkəmə üzvlərinin az qala hamısını keçmiş daşnak yaraqlıları təşkil edirdi. İşgəncəçi özəl birliklərin əmr verənləri də, icraçıları da onlardandı.

Bir ay boyunca ağla gəlməyəcək işgəncələrin müşayiəti ilə dindirilən məhbusların çoxu elə ilk mərhələdə ruhunu təslim etdi. Bəzilərinin halı ölərək qurtulanlardan daha pis idi. O bəxtsizlər canlı-canlı çuxurlara atılaraq üstləri torpaqlandı. Ölmədən məzara girdilər.

* * *

Xalq Daxili İşlər Komissarlığının tələskənliklə üzərində durub fövqəladə istintaqını apartdırdığı din xadimlərindən biri də Bakı Quberniyasının Qazısı olmuş Mir Məhəmməd Kərim idi.

Soyadına baxmayaraq, əslən erməni olan müstəntiq Yaroşkeviç dindirmə üçün sabahın ilk saatlarında adaya gələrək sorğu otağına keçib yerini rahatladı. Həyəcanlıydı. Az sonra Bakı Quberniyasının ən ünlü qazısı olmuş Mir Məhəmməd Kərimi dindirəcəkdi.

Saxlandığı barakdan gətirilən Mir Məhəmməd Kərim üç saat boyunca əlləri və gözləri bağlı olaraq Yaroşkeviçin otağının qapısının önündə gözlədildi. Müstəntiqin işarəsi ilə və ada asayiş rəisi Vartanyanın əmriylə əsgərlər Mir Məhəmməd Kərimin qollarına girərək içəri apardılar.

Müstəntiq Yaroşkeviç əsgərlərə sorğu kətilini göstərdi.

“Burada oturdun və gözlərini açın!”

“Mir Məhəmməd Kərim Mir Cəfər oğlu, səksən üç yaşında. Bolşevik inqilabından əvvəl Bakı Quberniyasının Qazısı olub, hal-hazırda Mərdəkan kəndində yaşamaqdadır” deyilərək kimliyi, sosial və siyasi mövqeyi təsbit edildi. Daha sonra ona qarşı irəli sürülən ittiham üzünə oxundu.

“Gizli şəkildə dini yayma fəaliyyətində bulunmaq və qadınlara çarşablarını çıxarmamaları yönündə təbliğat aparmaqda” ittiham edilirdi.

Müstəntiq Yaroşkeviç ilk sualını yönəltdi:

“Yüksək dini rütbə olan qazılıq rütbəsini hansı ildən hansı ilə qədər daşıdınız?”

“1904-cü ildən 1918-ci ilə qədər. Eyni zamanda Bakı Quberniyası Ruhani Məclisinin sədri idim.”

“Milli Hökumət idarəçiliyində sizə hansı vəzifə verilmişdi?”

“Müsavat hökuməti iqtidara gəldiyi vaxtlarda mən qazılıqdan istefa vermişdim.”

“Kolxozçular və fərdi təsərrüfatçılar arasında Sovet hakimiyyəti əleyhinə fəaliyyət göstərməkdə ittiham edilirsiniz. Bu ittihamı qəbul edirsinizmi?”

“Xeyr, qəbul etmirəm.”

“Aşur Cavad Əli oğlu Əlizadə, Nəcəf Əlican oğlu Quluyev və Əli Balaxanovun verdiyi ifadələrə görə, dəfn mərasimlərində Sovet üsul-idarəsi əleyhində danışmısan. Demişsən ki, “qadınlarla kişilər bir arada ola bilməzlər. Sovet hökuməti bizim bütün dinimizi, imanımızı məhv etdi. Ölülərimizi belə dinimizin icablarına görə dəfn edə bilmirik”. Yenə bir yerdə, “Keçirilən seçkilər formaldır, kimə səs verirsiniz verin, onlar istədiklərini seçəcək. Ölkəmizdə haqq, hüquq qalmamışdır” demişsiniz, doğrudurmu?”

“Adlarını çəkdiyiniz bu şahidlər mənə böhtan atıb yalan deyirlər. Bu sözlərin heç biri mənə aid deyildir.”

“Yenə şahidlər sizin kəndlərdə Sovet hökumətinə qarşı əksinqilabi sözlər danışıb, xalqla bu yöndə təhrikedici söhbətlər apardığınızı bildirirlər. Bu suçları da mı qəbul etmirsiniz?”

“Xeyr, mən Sovet hökumətinə qarşı əksinqilabi sözlər deməmişəm və xalqı təhrikedici söhbətlər aparmamışım. Bunu qətiyyətlə rədd edirəm.”

“Evinizdə aparılan axtarışda otuz doqquz ədəd antisovet Quran ələ keçirilmişdir. Bu kitabları kimlərə verəcəkdin?”

“Bəhs etdiyiniz Qurani-Kərimlər min üç yüz əlli sənə öncə Hz. Məhəmmədə nazil olan Qurani-Kərimin eynisidir və ən yeni nüsxəsi əlli il öncə yazılmışdır. O zaman Sovet idarəsi deyil, Çar hökumətinin vaxtı idi.”

“Sənin yazdığın Qurana nə deyək?”

“Mən Quran yazmıram. Ərəbcə əslindən Azərbaycan türkcəsinə çevirmişəm.”

“Səndən əvvəl belə bir iş görən vardımı?”

“Xeyr, yoxdur. İlk dəfə Qurani-Kərimi Azərbaycan türkcəsinə mən çevirmişəm.”

“Nə səbəbə bunu etdin? Nə ehtiyac vardı? Sənə bu vəzifəni kim verdi?”

“Kimsə vermədi. Özüm bu işi gördüm. İnsanlar, özəlliklə də ziyalılar Allahın əmrlərini özləri oxusun, cahillərə, ya da saxta mollalara aldanmasınlar deyə tərcümə etmişəm.”

“Yəni ziyalılar, Sovet qanunlarını dinləməsin, kommunizm ideologiyasını öyrənməsin, sənin çevirdiyin ərəb əfsanələrini oxusunlar, eləmi demək istəyirsən?”

“Qurani-Kərim əfsanə deyil, Allahın kəlamıdır.”

“Əqrəbaların arasında əksinqilabi fəaliyyət üstündə tutulan varmı?”

“Ögey qardaşımın oğlu Mir Əbülhəsən tutulub, amma nə üstündə tutulduğunu bilmirəm.”

“Əqrəbalarından xaricdə kimlər var?”

“Heç kəsim yoxdur.”

“Sovet hakimiyyəti əleyhində xalqa təlqinlər etmək üçün sənə kim əmr vermişdir?”

“Nə kimsə əmr verdi, nə də mən əleyhinə bir şey dedim. Amma indi üzünüzə söyləyə bilərəm.”

“Nə söyləyəcəksən?”

“Siz bolşeviklərin xətalarını.”

“Bolşeviklərin nəyi xətalıdır?”

“Tutduqları yol!”

“Necə yəni?”

“Kinlə, nifrətlə, intiqam hərisliyi ilə yola çıxılmaz. Qanla, göz yaşıyla, zülmlə dövlət qurulmaz. Zülm ilə abad olan, ədl ilə bərbad olar! İstəsəniz bir neçə misal gətirə bilərəm.”

“Gətir, baxaq!”

“Baxın, övlad atanın, ata övladın təqsirindən dolayı mühakimə edilə bilməz. Sovet hökuməti oğlu, qızı, uzaqdan əqrabalığı da suç səbəbi sayaraq insanları cəzalandırmaqdadır. Yüzlərlə yazıçı, şair, alim, sənətkar və mühəndisin arvadını-uşağını sürgünə göndərərək məhv etmək zülmdür.

Baxın, bu adaya “qolçomaq” və ya “kulak” deyə yüzlərlə kişini varlısan ittihamı ilə toplamışlar. İçlərində gerçək mənada varlı olan yoxdur. Kiminin üç-beş heyvanı, kiminin beş-on qoyunu var. Guya bunlar kolxoz sisteminə, kollektiv təsərrüfata qarşı çıxmışlar. Əsla belə bir niyyətləri yoxdur. Adamlar bütün mal-heyvanını vermişlər. Yenə də bolşeviklər onlara: “Siz, bandit, qaçaq, quldursunuz; öldürülməniz gərəkdir”, – deyirlər. Belə bir yanaşma olmaz. Bu yolla dövlət qurula bilməz. Buna dövlət qurmaq deyil, yıxmaq deyilir.”

“Səni edam etmək üçün bu sözlərin özü kifayətdir.”

“Siz məni öldürməklə özünüzü öldürmüş olarsınız.”

Müstəntiq: “Bizmi öləcəyik?” dedikdən sonra salonu qəhqəhələr bürüdü.

“Əlbəttə! Bunu bilməzsiniz, odur ki, danışım: Bir zamanlar Hələbdə qaragüruh hakimlər Nəsimini öldürdüklərini zənn etdilər. Halbuki Nəsimini deyil, özlərini edam etmişdilər! Yezid, Hz. Hüseyn şəhid edildikdən sonra əlindəki dəyənəklə o mübarəkin başını, ağzını, gözünü əzişdirərkən bütün Ərəb aləmini öldürdü. Bütün bir millət zəlil olmadımı?”

“Nə üçün belə əks danışırsan?”

“Söylədiklərim sizə əks gəlirsə, demək doğrudur. Çünki siz əks yoldasınız. Sizə doğruları göstərərək insanlığa faydam dəyməsini istəyirəm.”

“Bu yersiz, köntöy sözlərləmi faydan dəyəcək?”

“Kiminsə yanlışını özünə söyləməkdən daha yaxşı nə ola bilər? Bundan ancaq cahillər narazı qalar.”

“Yəni biz cahilmiyik?”

“Doğruları görə bilməmək, olanları anlamamaq da cahilliyin bir dərəcəsidir.”

“Doğruları görüb anlamasaq, hökumət sizləri istintaq etmə vəzifəsini bizə verərdimi?”

“Baxın, sadəcə elə bu anlayışınız belə mənim sözümün düzgünlüyünü göstərir. Sizə verilən bu vəzifənizi qabiliyyət və bacarığınıza bağlayırsınız. Halbuki sizi idarə edən böyük güc bu vəzifəni ermənilərə pislik etdirmək üçün vermişdir. Müstəmləkəçi güclər eynilə belə edərlər. Düşmən saydıqlarına edəcəkləri pislikləri sizin kimi kiçik insanlara gördürərlər. Osmanlı dövlətinə qarşı işğal və təcavüzləri qərbdə bolqarlar, şərqdə ermənilər vasitəsilə həyata keçirmədilərmi?”

“Onlar, ruslar üçün deyil, müstəqil olmaq üçün savaşırdılar.”

“Min illik dostları olan türklərə düşmənçilik bəsləyib, rusların himayəsinə girmək məgər müstəqillikdir?”

“Həqarət edirsən. Sovet xalqları arasında fərq yoxdur. Ruslar qədər digərləri də idarədə bərabərdir. Ölkənin NKVD mərkəzlərinin böyük əksəriyyəti ermənilərin idarəçiliyindədir. Bütün həbsxana və konslager mərkəzlərinin əməkdaşları daha çox o xalqın təmsilçisidir. Kommunist Partiyasının rəhbərlərinin bir çoxu ermənidir. Yenə sayımmı?”

“Yenə eyni məntiq! Yəni saydığınız vəzifələrin onlara xoş niyyətləmi verildiyini sanırsınız?”

“Əlbəttə ki.”

“Yazıq! Yazıq! Zavallı erməni xalqı!”

“Niyə zavallı olur ki?”

“Əlbəttə, zavallı xalqdır. Həqarət qəbul etməyin, cahil deyilsiniz, amma hamınız zalımsınız. İndicə söylədim, bu vəzifələri onlara bəd niyyətlərini icra etdirmək için vermişlər. Ağıllı insan övladına borc və düşmən miras qoymaz. Onlar mənsub olduqları xalq üçün durmadan düşmən qazanırlar. Bu qədər insana zülm etməklə haraya qədər gedəcəklər? Sürgünə göndərdikləri, övladlarını əllərindən alıb dərd içində qoyduqları anaların, başsız qalan gəlinlərin nəvə-nəticələrinə sabah necə hesab verəcəklər? Bir gün onların hesab istəməyəcəyinimi zənn edirsiniz? Məsəl var, çalarsan elin qapısını barmaq ilə, çalarlar qapını toxmaq ilə!”

“Təhdidlərinlə həddini aşırsan!”

“Təhdid etmirəm, tənqid edirəm. Mədh edilməyə alışmışsınız, tənqid edilməyi belə təhdid olaraq qavrayırsınız. Ən aşağıdan ən yuxarıya zülm mexanizmini ermənilərin əli ilə işlədirlər. Məsələn, Qazax şəhərində ən alt rütbədəki Serjan Akopyan seçdiyi qurbanı ittiham edən sənədləri bir az üst məqamdakı Melkumyana göndərir, o da əlaqədar şəxsin cəzalandırılmasına rəy verib bir az üst məqamdakı Qriqoryana təqdim edir, o da iddianı təsdiq edir. Daşnak ermənilərindən qurulan bu mexanizmlə üç yüz mindən çox Azərbaycan türkü sürgünə göndərilmişdir. Bunların ən az yetmiş beş mini alim, yazıçı, sənət adamı, mühəndis və müəllimdir. Əlinizə beli, arxanızca yeli vermişlər, fasiləsiz surətdə qırıb tökürsünüz. Baxaq görək haraya qədər gedəcəksiniz?”

“Bunları rejimi ittiham etmək üçünmü danışırsan?”

“Sizə yaxşılıq olsun, oyanasınız deyə.”

“Bu necə xəbərdarlıq, necə yaxşılıqdır?”

“Bayaq dedim ki, bir insanın yanlışlarını özünə söyləmək ona böyük yaxşılıqdır. Bir baxın, ermənilər o qədər dərin bir qəflətin içindədirlər ki, onlara “milləti-sadiqə” deyərək dostluq süfrəsini açan Osmanlını düşmən gördülər, onları maşa kimi istifadə edən bolşevikləri dost sanırlar. Bunu bilməlidirlər ki, böyük güclərin fədailiyini etməklə, bir yerə vara bilməzlər. Ermənilərin dinclik və rifahı digər kiçik xalqlar kimi türklərlə dost qalmalarına bağlıdır.”

“Bu vəzifələrdə kim olsa, eyni işləri görəcəklər.”

“Gördüyünüz tədbirlər hər yerə şamil olunsaydı, Ermənistana müstəsna münasibət göstərilməzdi. Stalin tərəfindən 1926-cı ildən Ermənistana rəhbər təyin olunan Mikoyan, yuxarı dairələrə göndərdiyi bütün məruzələrində Ermənistanın şəhər və kəndlərində “kulak” olmadığını, bütün xalqın fəqir və çətinlik içərisində yaşadığını yazır. Bunun qarşısında Azərbaycanda bir inəyi, bir eşşəyi olanlar belə burjuy, qolçomaq sayılıb sürgün edildi.

Azərbaycanın bəzi dırnaqarası ziyalıları da kəndlərdəki seçkin insanların məhv edilməsinə seyirçi qalaraq bu böyük xəyanətə ortaq oldular.”

“Yəni ermənilər türklərdən daha şüurlu və fərasətlidirmi, demək istəyirsiniz?”

“Xeyr, ermənilərdə o şüur, o fərasət yoxdur. Onların arxasında slavyan-rus təşkilatları və xristian cəmiyyətləri var. Onların hədəflərində, Pyotrdan bəri Qafqazı xristianlaşdırma arzusu var. Bax bu amaclar üçün ermənilərdən istifadə olunur. Diqqət edilərsə, keçmişdən bəri Qafqazdan bircə xristianın belə çıxıb getməsinə izin vermirlər. Fəqət təhrik olunan hər çıxışın, yaşanan hər savaşın ardından yüz minlərlə türk Qafqazdan sürgün edilir. Onların yerinə İran, Anadolu və ya başqa yerlərdən ermənilər gətirilib yerləşdirilir. Türkmənçay civarında Doxsan üç hərbi və Dünya hərbi sonrasında eyni oyun oynandı. Türkləri uçur, erməniləri qondur məntiqi.”

“Bir bax sən nələr danışırsan? Bunları yazmışsanmı?”

“Mən təfsirçiyəm. Mən Quranı şərh etməklə məşğulam. Ancaq bir türk ziyalısı olaraq əlbəttə ki, bunları da bilirəm. Zatən mən bunları bildiyim üçün bu zibilxanaya gətirmədinizmi?”

“Yaxşı ki, yazmamışsan. Səni bu bilgilərlə bərabər yerin dibinə gömmək lazımdır.”

“Siz elə zənn edin. Bir türk şairi sizin kimilər üçün belə deyib:

 
Sanıyorlar qafa kəsməklə, beyin əzməklə
Fikri- hürriyyət ölür. Hey gidi şaşqın həzələ!
Daha quvvətləniyor qanla sulanmış toprak;
Əkilən gövdələrin həpsi yarın fışqıracaq!
 

“Bu nə tərzdə danışmaqdır? Bir yandan həqarət edir, bir yandan da bizi ittiham etməyə qalxırsan. Bu sualıma cavab ver! Ömrünün son dəqiqələri olduğunu bilsəydin, nə söylərdin?”

Mir Məhəmməd Kərim başını önə əyib bir az düşündükdən sonra yavaşca başını qaldırdı:

“Röyasını görmüşəm, inşallah bu gün sabah şəhid olacağam. Öncə buradakı təsbitlərimi söyləyim. Bizi bu adaya gətirəli bir ay oldu. İyirmi beş din adamı zibillikdən fərqi olmayan darısqal baraklara doldurulduq. Nəfəs almağa imkan verməyən boğucu bir şəraitdə saxlandıq. Yeməyə bir şey verilməsə də, içmək üçün çirkli ilıq su bizdən əsirgənmədi. Bu səbəbdən qarınağrısı xəstəliyi hamını taqətdən saldı. Hamıya bit düşüb. Qaşınmaqdan hər yanımız yara-xora içindədir. Yan-yörəmizdə siçanlar-siçovullar dolaşır. Beş adamı ilan və əqrəb sancdı. Hələ canları çıxmadan buradakı qum adasında basdırıldılar. İnsanlar, bir saatın içərisində mühakimə olunub güllələnir. Daha sonra haqlarında uydurma cinayət işi tərtib olunur.

Bizdə “Alimi öldürmək aləmi öldürməkdir” şəklində yayğın olan bir söz var. Alimlər öz millətlərinə xidmət etməklə yanaşı, eyni zamanda insanlığa da xidmət edərlər. Elm adamlarına, sənət adamlarına, şair və yazıçılara, məlumatlı insanlara və din adamlarına toxunmayın. Farabi, İbn Sina, Uluğ bəy sadəcə türklərə xidmət etmədilər. Tolstoy, Hüqo sadəcə öz millətləri üçünmü əsər yazdılar? Edison lampanı sadəcə öz xalqı üçün icad etmədi, deyilmi? Bütün insanlıq ondan istifadə edir. Gəlmiş-keçmiş elm adamlarının hamısı da insanlığı qaranlıqdan aydınlığa çıxarmaq üçün çalışaraq ömrünü tamamladı. Parlayan bu ulduzları söndürərsinizsə, siz də qaranlıqda qalarsınız!”

“Fürsətdir düşüb deyə bizə yaxşı moizə oxudun. Başqa sözün varmı?”

“Tək bir duam var: Allah, bu məsum insanların ahını zalımlarda qoymasın! Başqa sözüm yoxdur.”

* * *

Haqqındakı bütün iftira və ittihamları rədd etmişdi Mir Məhəmməd Kərim. İşgəncədən keçirilərsə, ehtimal ki, yola gələr, haqqındakı ittihamları qəbul edər deyə düşündülər. Elə sandıqları üçün səksən üç yaşındakı bu piraniyə bir ay boyunca çox yüngül formada işgəncələr verildi. Ən sonunda əllərini və qafasını məngənəylə sıxdılar. Saatlarca bayğın qaldı. Özünə gələndə ittihamları yenə qəbul etmədi. Bir az huşu özünə gələndə təkrar etdiyi o cümlə zalımları dəli kimi haldan çıxarmağa yetirdi: “Röyasını gördüm, inşallah şəhid olacağam”.

* * *

Yaroşkeviç, son dəfə sorğulamaq üçün Məhəmməd Kərimin gətirilməsini istədi. Rəis Vartanyan, yanına aldığı iki əsgərlə yaşlı adamın barakına çatanda ilginc bir mənzərəylə qarşılaşdı.

Mir Məhəmməd Kərim yarı yıxıq bir divarın dibində ayaqüstə dayanmağa çalışırdı. Talenin əydiyi belinin onurğasını divara söykəmiş, sol əlini əsasının, sağ əlini də onun üstünə qoymuş, sanki qarğış tutmuş kimi daşa dönüb tərpənmirdi. Dəfələrcə məruz qaldığı işgəncəyə şahid olan, yerə atılıb yuvarlanan qanlı sarıq başında önə əyilmiş, belindəki büzüşmüş cübbəsi, yaşlı adamın hədsiz dərəcədə zəifləmiş dərmansız bədənini islanmışcasına yerə çəkməkdəydi.

Gözlərini ayağının ucundan o yana, bu yana keçən ilanlara zilləyib qalmışdı. Tərpənən dodaqlarından başqa vücudunda canlılıq əlaməti yoxdu. Yan-yörəsi boş, öz-özünə danışırdı.

Vartanyan əvvəlcə Məhəmməd Kərimin biriylə danışdığını zənn etdi. Qulağını şəkləyərək nələr söylədiyini anlamağa çalışsa da, bir şey alınmadı. Əsgərlərə, olduqları yerdə qalmalarına işarə edərək Məhəmməd Kərimin söykəndiyi divarın küncünə qədər yaxınlaşdı. Artıq qocanın ağzından çıxan sözləri aydınca eşidirdi.

Mir Məhəmməd Kərim, göy qübbəsinin altında heç bir şeyin gizli qalmayacağına, hər şeyin Yaradanın idarəsi altında olduğuna inanmaqdaydı. Bir ara canlandı, sonra əllərini səmaya doğru qaldırdı. Gözlərini yavaşca yumaraq bütün varlığı ilə göylərin və yerlərin sahibinə təslim oldu.

“Ya Rəbbi! Xalqımızın halı sənə əyandır. Ölkəmizdə zülm ərşə dayandı. Çoluq-çocuğumuz pərən-pərən salındı. Şərəfimiz, namusumuz ayaqlar altına atıldı. Yüzlərcə camemiz yaxılıb-yıxılaraq yerlə bir edildi. Qafqazın ulu məkanı Bibiheybet camesi öz camaatına yıxdırıldı. İndi də sənin dininin təbliğində və xalqın xidmətində olan yüzlərcə din xadimi qətl edilməkdədir. Ya Rəbbi! Bir neçə günahkarın üzündən xalqımızı bu zalımların əlində zəbun eyləmə. Günahsız analara, günahsız uşaqlara bağışla! Sən əfv etməyi sevərsən, bizi əfv eylə…”

Vartanyan, əllərini yüzünə sürtüb susan qocanın qarşısına dikildi.

“Salam, Məhəmməd Kərim! Baxıram öz-özünə danışırsan. Zatən siz qocalar danışmağı çox sevərsiniz. Bir adam tapılmayanda öz-özünüzlə danışırsınız.”

Məhəmməd Kərim gözünü torpaqda dolaşan ilanlardan ayırıb Vartanyana baxdı. Günlərdir ona işgəncə verən NKVD-nin erməni əməkdaşını çətinliklə tanıdı.

“Yalnız deyiləm, yalnız deyiləm! Rəbbimlə danışırdım. Kaş ki siz də bizim rəhleyi-tədrisimizdən keçsəydiniz, Yaradanla rabitəniz olsaydı…”

“Sənin Rəbbinlə rabitəm olsaydı, nolardı?”

“Nə olardı? Diliniz zəhər, əliniz zülm saçmazdı! İnsanlara belə işgəncələri rəva görməzdiniz.”

“Bu ağlı sən müsəlmanlara versəydin, bəlkə işlərinə yarardı. Haydı, gedək, müstəntiqin qarşısında danışarsan!”

İki əsgər qoluna girdikləri Məhəmməd Kərimi cəld addımlarla yeritməyə başladılar. Öndə Vartanyan, arxada Məhəmməd Kərim və əsgərlər.

Məhəmməd Kərimin gözü yerdəydi.

“İlanlara diqqət edin! Basdalarsınız, sancarlar!”

Vartanyan, geri dönüb ona baxdıqdan sonra qəhqəhə ilə güldü: “Bizi ilan vurmaz”.

Məhəmməd Kərim: “Allah Allah! Nədəndir bu əcəba?”

“Bizi tanıyırlar. Sən bayaq demədinmi sizin diliniz zəhər, əliniz zülm saçır? Bax, o səbəbdən. Yəni biz də onlardanıq”, – deyən rəis öz sözünə özü güldü.

Məhəmməd Kərim:

“Elə danışma! Elə danışma! İlana bənzəmək, zalımlığı özünə rəva görməkdir”.

“Zalım bir zülmə giriftar olur axır

Əlbəttə ev yıxanın xanəsi viran olur, – deyirlər.

Zülm edən sonunda zülmə uğrar, ev yıxanların xanəsi viran olar.”

Vartanyan, bu sözlərin qarşısında başını yelləyərək: “Genə moizə oxumağa başladın!” – deyərək Məhəmməd Kərimi məzəmmətlədi. Bəlkə başqa reaksiyalar da göstərəcəkdi, amma müstəntiqin qapısına yaxınlaşdıqları üçün istər-istəməz səsini kəsməyə məcbur qaldı.

* * *

Yaroşkeviç, Məhəmməd Kərimə hər işgəncədən sonra etdiyi, fəqət heç cür qəbul etdirə bilmədiyi o təklifi təkrarladı.

“Qoca! Müqaviməti burax. Qasım Nağıyev, Rəhman Əliyev və Qədim Aslanovun Sovetlər əleyhinə fəaliyyətdə olduqlarını söylə, səni sərbəst buraxaq!”

“Mən adını daşıdığım Məhəmməd peyğəmbərin: “Dünya yaradılandan bəri belə bir dürüst insanı üzərində daşımamışdır, Günəş yaradılandan bəri belə bir dürüst insanın üzərinə doğmamışdır”, – deyə təriflədiyi Abuzərin yolundayam. Yalanın və böhtanın altından imza atmaram. Suçsuz insanlara iftira ataraq yaşamaq qədər bayağı heç bir şey bilmirəm. Məni istədiyiniz şəkildə öldürə bilərsiniz. Necə olsa, mən ölməklə şərəf qazanarkən, siz alçalacaqsınız!”

* * *

Müstəntiq Yaroşkeviç, Mir Məhəmməd Kərim haqqındakı ittihamnamə dosyesini bolşevik üsulunca yekunlaşdırdı.

Ən başdakı dosye kağızında belə bir yazı vardı:

Müttəhim öz təqsirini etiraf etməsə də, şahidlər Əlizadə Aşur, Quluyev Nəcəf və Balaxanov Əlinin ifadələri əsasında isnad edilən cinayətləri törətdiyi sübut olunur.

Bu əsasda Mir Məhəmməd Kərimə aid cinayət işini Azərbaycan Sovet Sosialist Respublikası Fövqəladə Üçlük Məhkəməsinə verilməsi münasib görülmüşdür.

İmza: müstəntiq Yaroşkeviç

Təsdiq edən:

Xalq Daxili İşlər Komissarlığı

Qala – Maştağa Şöbəsinin Rəisi

Avanesov

3 fevral 1938-ci il.

* * *

Fövqəladə Üçlük Məhkəməsinin üç nəfərlik heyəti Mir Məhəmməd Kərimin işinə baxmaq üçün 2 may 1938-ci ildə toplandı. Cinayət işinə son bir vərəq əlavə olundu. Əlavə olunan son səhifədə, məhkəmə katibi tərəfindən öncədən hazırlanan üç paraqraflıq qərar mətni yazılıydı. Qərarı imzalamaq üçün bir araya gələn heyətə təqdim olunan son paraqraf beləydi:

Mir Məhəmməd Kərimin istintaq işi oxundu.

Qərar alındı: Mir Məhəmməd Kərim Mir Cəfər oğlu, səksən üç yaşında, əksinqilabi fəaliyyətlərinə görə güllələnsin.

İmza:

Üçlüyün Katibi

Savçenko

* * *

Müfəssir olandan bəri əynində bir cübbə, bir sarığı vardı. Bütün sərvəti bundan ibarətdi. Mir Məhəmməd Kərimin Yaradana həsr olunmuş bədənini qum adasında əlüstü qazılmış çuxurun yanında atışa hazır gözləyən əsgərlərin önündə hədəf etdilər. Sarıq və cübbəsini alıb kənara qoydular. Cübbəsi bu dünya, sarığı isə o biri dünya üçündü. Ömür boyu kəfənini başına dolayıb elə gəzmişdi.

Vartanyan, atəş əmri verməzdən əvvəl istehzalı bir üslubla:

“Haydı, son sözlərini söylə ki, işimizi bitirək!” – dedi.

Mir Məhəmməd Kərim:

“Təyəmmüm etməyimə izin vermənizi və öldükdən sonra mərhəmət buyurub sarığımı açaraq üzərimi örtmənizi rica edirəm”, – deyərək son istəyini ifadə etdi.

“Təyəmmüm dediyin nəysə elə, baxaq.”

Mir Məhəmməd Kərim qumla təyəmmüm etdikdən sonra qalxıb çuxurun yanında dayandı. Hazıram deyərcəsinə əsgərlərə baxarkən dodaqlarından kəlmə-kəlmə dualar tökülmədəydi.

“Atəş!” əmri verdikdən sonra güllələr arxa arxaya səksən üç yaşlı ixtiyarın bədənini köksündən dəlib keçməyə başladığı anda: “Vay, yandım!” – deyən Vartanyan haradan gəldiyi bilinməyən zəhərli boz ilan tərəfindən baldırından sancılmış halda qıvrılanda Mir Məhəmməd Kərimin içindən gələn hayqırtısı eşidildi:

“Allahu əkbər!”

Boz ilan, qaşla göz arasında Mir Məhəmməd Kərim üçün qazılan çuxura doğru sürünərək bir yarığın arasına girib yox oldu.

Səksən üç ilin yükünü daşıyan, əzablar-iztirablar görmüş o bədən, sarıq üzərinə örtülməklə dincliyə qovuşmuş oldu.

* * *

Bepul matn qismi tugad.

15 572,89 s`om
31 145,78 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
Hajm:
382 Sahifa 4 illyustratsiayalar
ISBN:
978-9952-8387-6-3
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar