Kitobni o'qish: «Gülüstani İrəm»

Shrift:

© Kitab Klubu MMC, 2018

* * *

Abbasqulu ağa Bakıxanov

(1794–1847)


Müəllifdən

…1 Təbiətimiz hər şeydən artıq tarixə malikdir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım.

Ümidvaram ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar… Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət əsəri məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. Bununla bərabər «  – öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz» kəlamının məzmunca, bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim.


Kitabı müqəddimə, beş fəsil və nəticəyə böldüm.


Müəllifindir: Bu əsər bir tarix kitabı olaraq tanındı, hiyəttarix (1257–1841/2) sözü onun təlif tarixi oldu. Onun adını «Gülüstani-İrəm» qoydum. Məzmununa mütabiq2 ad verdim.

Müqəddimə – Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında.

Birinci fəsil – İslam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr haqqında.

İkinci fəsil – ərəb ordusunun gəlməsindən başlayaraq moğolların istilasına qədər.

Üçüncü fəsil – moğol istilasından Səfəvilərin zühuruna qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü.

Dördüncü fəsil – Səfəvilərin zühurundan Nadir şahın vəfatına qədər.

Beşinci fəsil – Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya-İran dövlətləri arasında bağlanan sülh müahidəsi3 zamanına qədər.

Nəticə – Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təlifat4 sahibi və ya başqa fəzilət5 və məziyyətə6 malik olan şəxslərin tərcümeyi-halları haqqında.

Giriş

«Gülüstani-İrəm» əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olub. Abbasqulu ağa Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir.

1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yüksəlir.

A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olub. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın daha qabaqcıl və qüdrətli ölkə olduğunu başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dini təsir etmiş, onun dünyanı dərk etmək üsulu idealistcəsinə olmuşdur. …Bakıxanov ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır…

A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstani-İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən7 istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.

A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm» in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm» in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.

«Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi8» nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Əsərin müqəddimə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəyi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda özünün dini görüşləri əsasında, ümumiyyətlə, xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəyini təhrif edilmiş bir tərzdə izah etməyə çalışıb. «Gülüstani-İrəm» əsərində müəllif tərəfindən buraxılan əsaslı nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bölünmə məsələsidir. A. Bakıxanov, «Gülüstani-İrəm» in müqəddiməsində göründüyü kimi Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və hakimiyyət dövrlərinə görə tərtib etmişdir. A.Bakıxanov istifadə etdiyi ilk məxəzlərə tənqidi surətdə yanaşmamışdır. O, qədim və orta əsr müəlliflərinin yazdıqlarını öz əsərinə köçürmüş və tənqid süzgəcindən keçirməmişdir. Bu hal isə, şübhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz. Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərinin verdiyi əfsanəvi məlumata əsasən yerli Azərbaycan sülalələrinin bir çoxunun mənşəyini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. Buna görə də onun irəli sürdüyü mülahizələrə və elmi üsullara tənqidi surətdə yanaşmaq lazımdır. A.Bakıxanov «Gülüstani-İrəm» əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi. «Gülüstani-İrəm» də bu və ya digər tərzdə daha bir çox nöqsan vardır. Bütün bu qüsurlardan öz yaxasını qurtara bilməyən müəllif, əsərin müqəddiməsində belə yazır: «Ümidvarəm ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar». Bütün bu nöqsan və qüsur cəhətlərə baxmayaraq, A. Bakıxanov tərəfindən Azərbaycan tarixinə həsr edilən «Gülüstani-İrəm» əsərinin bir çox müsbət cəhətləri də vardır.

«Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13-cü ilinə qədər Azərbaycan tarixi haqqında verdiyi məlumat diqqəti daha çox cəlb edir. A.Bakıxanov burada Şimali Azərbaycana aid siyasi hadisələri ətraflı surətdə təsvir etmişdir. Əsərdə təsvir edilən hadisələr ilə əlaqədar olaraq Ermənistan, Gürcüstan, Türkiyə və sairə haqqında məlumat verilir. Hadisələrin təsvirini 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müahidəsi» nə qədər çatdırır. A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbələrin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin olub, əsərdə xüsusi yer tutur. Çünki müəllif özü bu dövrdə baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olub. O öz dövrünə aid daha bir çox sənədlər, fərmanlar, xanlar tərəfindən yazılmış məktublar və sair vəsiqələrdən də istifadə edə bilmişdir. A.Bakıxanovun şərq tarixçilərinə nisbətən üstünlüklərinə və mühakiməsinin genişlənməsinə rus mədəniyyətinin böyük təsiri olmuşdur. O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin əsərlərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir.

A.Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini sonradan rus dilinə tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunub. Tam bir halda isə, yalnız Sovet dövründə, «Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti» tərəfindən Bakıda 1926-cı ildə nəşr edilmişdir. Lakin əsərin bu çapında bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır. «Gülüstani-İrəm» in nəşr edilən bu tərcüməsi hicri 1260 (=1844) ildə yazılmış bir nüsxədən Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin bu günə qədər çap olunmamış farsca mətni isə, müxtəlif əlyazmaları şəklində bizə gəlib çatıb. Ayrı-ayrı katiblər tərəfindən müxtəlif tarixlərdə yazılmış bu əlyazmalar arasında bir çox fərq vardır. Buna görə də «Gülüstani-İrəm» redaktə edilərkən, yenidən yoxlanılmış və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə Salyanda, 1867-ci ildə Qubada, 1879–80-ci ildə Dağıstanda yazılmış əlyazmaları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüsxə ilə də müqayisə olunmuşdur.

İstifadə edilən bu əlyazmaların hamısı Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsində saxlanılır. Əsərdən, tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilib. «Gülüstani-İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir məxəz olacaqdır.

M. Şərifli
10 yanvar, 1951

Müqəddimə
Şirvan və Dağistan vilayətlərinin hüdud və ərazisi, adlanmalarinin səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqinda

Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər təqribən 39°-42°-yə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşəran burnuna qədər 64°-68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər bir dərəcənin məsafəsi təqribən 15 coğrafi mil – yeddi rus versti qədər və ya bir ağac yarımdır. Hər ağac – üç islami mil uzunluqdadır. İslami mil – doxsan altı min barmaq boydadır. Bir barmaq da orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin qarnına bitişik surətdə düzülmək şərtilə).

Beləliklə, indiki Şirvan məmləkəti Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.

Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır.

Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniş və məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində də mükəmməl tərəqqi edə bilər.

Təqvimülbüldan9 müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılmışdır. Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin10 tarixində və Zendavesta kitabında Şerovaner deyə adlanır. Əmin-Əhməd11 «Həft-iqlim» adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur.

Çamçiyan12 «Ermənistan tarixində» Şirvan vilayətini Əğvan adlandırır və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.

Türkmən Həsən padşahın oğlu Sultan Yaqub hicri 892-ci (=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fərmanda, Şirvanı Əğvan deyə adlandırmışdır.

Dağıstan vilayəti 42°-dən 44°-yə qədər şimal en dairəsi və 63°-dən 66°-yə qədər şərq uzunluq dairəsindədir. Şərq tərəfdən Xəzər dənizi ilə, şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os (Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və cənub-şərqdən Şirvanla məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl yerlərə malik olub, yaşayış vasitəsinin bolluğu ilə məşhurdur Bu hissə, xüsusilə dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət vasitəsinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məhsuldar vadi və yaylaqlara malik olsada, ümumiyyətlə yaşamaq üçün çox çətin və məşəqqətlidir.

Bu vilayət Məsudinin13 rəvayətinə görə, hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:

1) Qaytaq – bura Dərbəndin şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər xaqanının paytaxtı olmuş idi. Lakin Səlman ibni Rəbiə buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət olmuşdur…

2) Sərir (taxt) – Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padşahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O, öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib öz nəslini tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.

3) Dağlıq Qumuq – Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padşahları olmadığından öz rəislərinə itaət edərdilər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padşahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.

Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara Sərhəd boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Baba-Laziqə də Gürcüstan nahiyəsində olub, padşahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər hamıya qalib gələrdilər. Onların ölkəsinin o biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir…

Kəşək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) tayfasını isə, Kasaq adlandırırlar.

Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvaninin14 öz tarix kitabında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt; 2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4) Hun. Dərbəndnamə müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatına görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax; 2) Tumanşah mülkü; 3) Qaytaq və 4) Dağlıq Qumuq.

Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur.

Birinci məmləkət – Alan və ya Sulağın o tərəfindəki Qumuq Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur.

İkinci məmləkət – Tumanşah mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, Qaytaq ölkəsidir ki, şamxal15 və üsmi16 mülklərinin aşağı qismini təşkil edir.

Üçüncü məmləkət – Dağlıq Qumuq, ya Hun, ya da, Avar ölkəsidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir.

Dördüncü məmləkət – Baslas, ya Zirihgəran, ya Sərir, ya da, axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissəsindən, Aqquşa və Sürhi mahallarından ibarətdir.

Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətləmyusun17 dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. Bu mülk onların adı ilə adlanmışdır. Rözətüssəfa18 müəllifinin və başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya Kamarı nəslindəndirlər. Bunlar Yafəsin Bulğar adlı oğlunun adını daşıyan yerdə sakin idilər. Ehtimala görə, o yer Kiçik Qabardı ölkəsində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, Baxsan, Bizəngi əhalisi və başqaları indi də türk dilində qumuq ləhcəsində danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni Həbibüssiyər19 və sair kitablar da təsdiq edir.

Bu mənbələrin yazdığına görə, Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının kənarında ənam vermiş və Qum boğazında qışlamışdır. Qumari adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» – yəni hamı – sözü əlavəsilə «həptaq», üsmi mülkünə də, Keyxosrov və sair Kəyan padşahlarına nisbətilə, ya da böyük və uca mənasına gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyişilmişdir.

Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi yeri məlum olmayan Varçan, bunların ən böyük şəhəri olmuşdur. Simaca kifir, qaniçən, talançı və cəsur olan bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülmlər etmişlər. Bunların padşahı Atilla… müxtəlif tayfaları, hətta Macarıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında gedən çəkişmələr nəticəsində Ğun dövləti dağıldı.

Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin20 yazdığına görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın. Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyərdilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisindən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və susuzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər. Atillanın yanında olan Rum səfirlərindən Prist belə nağıl edir: «Biz onunla orduda görüşdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilində şeirlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əhatə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən şerlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar…»

Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adından alınıb.

Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada yaşayırdılar. Sərmat padşahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII əsrlərdə də bunların dövləti mövcud idi. Bunların padşahlarından Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını layiqi deyə yazırlar.

Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır…

Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfində zərb edilən dirhəmlər də göstərir.

İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.

Yaqutun21 yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər.

Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur.

Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padşahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasında yerləri tutmuşlar. Onlar cəsarətlə, vəhşi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot22 deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer23 isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdu.

Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə edərdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. Prokopi24 Alan tayfasını Masaget nəslindən və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir.

Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsldən və ya Maqos və Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin25, alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar.

Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində məşhur olmuşlar. Məsudinin yazdığına görə, Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında, qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur.

Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuş – kəndinin üst tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir.

Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban şəhəri, yerin vəziyyəti və münasibətə görə, gərək Dərbənd şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, Tarxu ilə Buynaq arasından axır.

Keçmiş uzun əsrlər belə, bu ölkədəki yer adlarının bəzisini hələ də, dəyişdirə bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Bətləmyus da onların adını çəkir.

Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə» dəki qeydinə görə, Əşkəbus türklərdən biri pəhlivan olub, xaqanın döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın Məcməülbüldanda yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də, Firizqubad şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından alınmışdır. Xəzərgan adlı yer də İskəndərnamədə yazılan Xəzranguh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların qədim sakinlərinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, adının münasibəti və yerinin vəziyyətinə görə, həmin Naxiya və ya Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.

Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətən, bu dəniz müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır.

Qafqaz sözü də həmin qaspi adlı tayfanın adından və Quranda qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ əfsanə kitablarında divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pərilərin padşahına Şahbal deyirlər. Dərbəndnamə müəllifi ərəblərin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda məşhur olan kəndlərdən birinin adı Pəravuldur. Bu da Pəri-avul, yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur.

Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasından ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında Gülüstan əhdnaməsi bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır.

İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə adlandırırlar. Bunlardan Katib Çələbi26, «Cahannüma» adlı əsərində deyir: Əlbürz dağı Babül-Əbvabın, yəni Dərbəndin qərb tərəfindədir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uzanan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük Qaf, digərinə isə Kiçik Qaf deyirlər. Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə, ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar bu səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz.

İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar Qaf dağını, xəyalata qapılan sadə dillərin təsvir etdikləri tərzdə, heç yerdə rast gəlməmişlər.

Qədim və naməlum əsərlərdən bəri bir çox müxtəlif tayfalar, Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə olmuşlar. İranın qədim padşahları, xüsusilə Yəzdicird Bəhrami-Gur oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər. Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri olmuşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hələ də mövcud olan bir çox müxtəlif abidələri, dilləri, adətləri və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.

Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri müxtəlif tayfalara qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Salyan vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində isə daha çox qalmışlar. Onlar öz din və dillərini saxlamışlar. Qarışıq nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dilləri və adlarını saxlaması ən aydın bir dəlildir.

Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini27 və Strabon28 onları bu ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər miladi III əsrdə Ermənistan padşahlarının paytaxtı olmuşdur. İndiri kəndinin Tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysunun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə və arxlara sahibdirlər. Onlar əvvəldən buruda sakindirlər.

Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşah tayfasının qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbəçi əhalisi öz babalarından eşitdikləri rəvayətə görə ticarət məqsədilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir. Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan sözündən dəyişmiş ola bilər.

Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və Samur nahiyəsi, bütün Dağıstan kimi öz kitablarında və yazılarında ərəb xətti və ərəb dili işlədirlər.

Qubadakı Bərmək mahalı Harun-ər Rəşidin vəziri Cəfər Bərməkinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib burada sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kəndinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan buraya köçürmüşdür. Bu nahiyyədə yalnız Miskincə kəndi şiə məzhəbdir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin padşah İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi sünni məzhəbində olsalar da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur.

Samur nahiyəsindəki Mikrağ kəndinin və Qaziqumuq əhalisinin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qiyafəsi və bir çox adət ənənələri də buna şahiddir. Qaziqumuq əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov» deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki halda, Qaziqumuq şəhərində və bu böyük şəhərdən ayrılmış olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə, və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən olsun; Məçcə – Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş qəbiləsindən Qumuq da, qədim Kamak tayfasından olsun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan Aqquşa, Qaytaq mahalları və şamxal mülkü əksəriyyətlə qədim nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar. Sulağın o tərəfindəki Qumuq əhalisi Mıçıqıç, Avar və əslində qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal tayfaları ilə qarışmışlar.

Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məşhur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamışdır, yalnız tarix kitablarında adları çəkilməkdədir.

Karamzin29 və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar, cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda, Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış və iranlılarla müvəffəqiyyətlə müharibə etmişdir. Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış uzun saçlarından başqa, surət və əxlaqca da, tamamilə hun tayfasına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların heyrətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlub edilməz tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan, bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O, çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohemiyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna çayına gəlib çıxdı. Burada Lonqbard tayfasilə ittifaq edərək Qəbidiyan dövlətini alt-üst etdi və Macarıstanı ələ keçirib İtaliyanı almaq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu.

Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türklərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kənarında o zamana qədər başlı-başına yaşayan Slavyan tayfasını qətl və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı onu əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə etdisə də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa sonralar müxtəlif zamanlarda cürbəcür qəbilələrlə şiddətli müharibə etmiş və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, başqa tayfalara qarışmışdır.

Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar o qədər də vəhşi olmayıb İran, Çin və Rum ilə ticarət əlaqəsi saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşamaqla bərabər, ayrıca dilə malik və xüsusi əmirlərə tabe olaraq adət və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar üsmisi də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padşahının köməyilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padşahı tərəfindən verilən fərman indi də durur. Lakin baxılan vaxt məlum oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini ələ keçirmiş olan Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir.

Qunib – kəndinin əhalisi (sözün axırından «b» hərfi atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşixasiyyət Ğun və ya Hun tayfasının qalıqlarındadır. Bu kənd, Əndələl nahiyyəsində tarlalı, otlaqlı, çaylara və ağaclara malik çox çətin keçilən bir dağ təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları qısa və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərqlənirlər.

Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan tərəfindən bina edilmiş bir şəhərin xarabaları ətrafında Calqan, Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeylərin əhalisi tat dilində danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhərdə sənətkaranə bir tərzdə işlənmiş qəribə bir darvaza vardır. Bu darvaza indi də durur. Ehtimala görə, Babülhədid həmən budur, kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib Bilhədi olmuşdur.

Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində – altı tərəkəmə kəndindən başqa – bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi – xüsusi dilə malik olan Xınalıq kəndindən başqa – Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar. Dərbəndnamənin qeydinə və sair əlamətlərə görə məlum olur ki, bu tayfa Alan masagetlərinin nəslindəndir. Bakıdakı Məşqətə – «s» hərfi «ş» hərfinə təbdil edilmişdir – kəndinin əhalisi də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul etmişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhalisindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa dilləri vardır. Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə, Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran mahallarında və Quba şəhərinin özündə, Salyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı – İran müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcələri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir çox yerlərində işlənən türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu dil üçün hələ təyin edilməmişdir.

Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan 5 dil ümumiyyətlə daha çox işlənir.

1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı hissəsində, şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir.

2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir.

3) Beş Aqquşa mahalının dilidir. Bu dil Sürhidə və Qaytağın yuxarı mahallarında müxtəlif ləhcələrdə danışılır.

4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur.

5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan Şübut, Carili və sairə məxsusdur.

Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Zaxur, Auvax, Qabalal camaatı və Qaziqumuğa mənsub olan Köbəçi, Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə və ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqiqat aparmaq lazımdır.

Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam dinində olub, bəzisi şiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Salyanın hamısı, Şəki və Qubanın bir hissəsi şiə məzhəbdir. Şirvanın yarısı, Şəki və Qubanın çoxu, Dərbəndin azacıq bir hissəsi, bütün Təbərsəran, Kürə, Miskincəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. Bu məzhəb burada iki şöbədən olub, biri hənəfi və digəri şafiidir. Quba, Şəki və Şirvanda bunların hər ikisindən vardır. Samur, Kürə, Təbərsəran nahiyələri və Dərbəndin sünni hissəsi, bütün Dağıstan kimi şafii-məzhəbdirlər.

Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı heniş bir surətdə tədqiq edilərsə əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır.

Birinci fəsil
Islam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağistan ölkələrində baş verən qədim hadisələr haqqinda

Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş vermişdir.

Məhəmməd ibni-Cərir Təbəri30 öz tarixində deyir: «Atəşpərəstlər ümumi tufana inanmırlar». İslam tarixçilərinin bəzisi isə ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan ölkələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah31 «Tarixi-güzidə» adlı əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs edən bir Təbəqat kitabında onların nəsli türk xanlarına və buradan da Nuha, Adəmə gedir çatır.

Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə görə, yaxud törəyib artdıqlarından yaşayış vəsaiti artırmaq üçün, cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur.

Hicri IX əsrin axırlarında yazılmış Rövzətüssəfa kitabına görə, cənub ərz dairəsinin 14-cü dərəcəsinə qədər, Okyanus dənizində abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir.

Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməzdilər. Bəziləri də, Yafəsin İranın və bütün Sam nəslinin birinci padşahı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar.

Güzidə və Xülasətüləxbar32 müəlliflərinin rəyinə görə, Yafəsin səkkiz və Rövzətüssəfa müəllifinin yazdığına görə, on bir oğlu olmuşdur:

1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padşah idi. Bütün Yafəsin qəbilələri bunun adı ilə – türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, Zəfərnamədə33 isə Suluqay şəklində qeyd edilmişdir.

Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çaylarının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişdilər. Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində, bu yerlər əllərindən çıxmışdır.

Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk xanının yanına gəlmişdi. Xan ona dedi: «Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən sizin padşahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqazdan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını təyin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməlisiniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir…»

Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan müharibələr nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular.

2. Xəzərdir. Bu da bir sıra səfər və köçərilikdən sonra öz qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış və balıq ovu ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər. Deyirlər ki, Xəzərin bir oğlu ölür, onun cənazəsini qəbilə yığıncağında çalğı ilə – suyun ziddi olan odda – yandırır (Xəzər bununla sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmışdı.

Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avropa tarixləri dördüncü əsrdən başlayaraq onlardan bəhs edir. Hacı Tərxan (Həştərxan) çöllərində hunların istilası zamanı, onlar Atillanın hökmü altında olmuşlar.

D'Anvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya Turun adlı bir əmir, özünü Xəzər xaqanı adlandırdı. 626-cı ildə Rum qeysəri Herakli, Xəzər tayfasını iranlılarla müharibəyə apardı və bu ildə xaqanı oğulluğa götürüb başına tac qoydu.

Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi və onun qızı ilə evləndi. Qeysər Lev də xaqanın qızını öz oğlu Qostəntin üçün aldı. Qeysər Lev də (Xəzəri) bundan dünyaya gəldi.

Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ keçirib, slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe etdilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbaycan ölkələrindən keçərək, fars və ərəb padşahları ilə müharibəyə girişdilər.

Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub, xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina etmişdir. Xəzərlər hunların və sair türk tayfalarının əksinə olaraq, tikinti işlərinə həvəskar imişlər. Don kazaklarının mülkündə olan Sarkel qalası, Xarkov şəhəri yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronej ətrafındakı Xəzəriyyə adlanan sair yerlər bunların məlum olmayan şəhərlərinin qalıqlarıdır.

Xəzərlər əvvəllərdə bütpərəst idilər. VIII əsrdə yəhudi dinini qəbul etdilər. Məsudinin rəvayətinə görə, bu dini əvvəlcə Xəzər xaqanlarından Bula adlı biri, hicri 121-ci ildə qəbul etmişdir. Hicri 243-cü (=858) ildə isə onlar xaçpərəst dininə keçmişlər.

Əbülfida yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm və böyük iş olmadan, onu görmək hər kəsə mümkün olmazdı. Hüzuruna gedən zaman torpağa düşmək lazım idi. Ondan icazəsiz (torpaqdan) qalxmaq, yaxına getmək və söz söyləmək olmazdı. Xaqanların qəbirləri yanında keçərkən, atdan düşüb baş əymək lazım idi. Xaqan mənsəb sahiblərindən hər hansına: «Get öl» desəydi, o haman saat evə gedib, özünü öldürməli idi.

Bu nəsildən fəqir və yoxsul olanlar da növbə ilə hökmranlığa çatırdılar. Eşitdim ki, bir cavan dükanda xırdavatçılıq edirdi, xalq deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin həmin şəxs müsəlman idi, xaqan isə yəhudi olmalı idi.

Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır olub, xalqın işinə baxmalı idilər. Bunlar da, müsəlman, yəhudi, xaçpərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəlman və xaçpərəst, bir azı da yəhudidir. Bunların hörmətlisi müsəlmanlar və tacirlərdir. Çox yedikləri şey düyü və balıqdır. Şəhərin ətrafı on ağac məsafəyə qədər məhsuldar çöllərdən ibarətdir. Xarəzm malları ilə yüklü gəmilər, şəhərin ortasından axan çay ilə keçib gedir. Başqa gəmilər də Portas ölkəsi ətrafında qiymətli qara tülkü dərisi gətirir. Çöllü tayfaların padşahları, bu dəriləri kürk və papaq üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı, boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara «ərəbi» deyirlər. Bu dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana deyil, hətta Fransaya və İspaniyaya da aparılır.

Bu şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə, çayın qərb tərəfində tikilmişdir.

Xəzər ölkəsində gözəl bağları olan İsmid adlı bir şəhər vardır. Ehtimala görə, bu sözün əsli Səməndər, ya İsməndər olmuşdur. Ancaq yazarkən «y» hərfi ilə «n» hərfi qarışdırılmış və «r» hərfi də qələmdən düşmüşdür. Dərbənddən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir.

3. Rusdur. Bu adam… uzun zaman köçəri həyat sürdükdən sonra elçi göndərib, Xəzərdən oturaq yeri istədi. Xəzər o tərəflərdəki münbit torpaqlı və sağlam havalı adaların bəzisini ona verdi. Rus «yarğu», yəni qovğa salmağa və ədalət tələb etməyə başladı. Ruslarda belə bir adət vardır ki, atadan qalan malın hamısını qıza verərlər, oğula isə qılıncdan başqa bir şey verməzlər: «Sənin hissən ancaq budur» – deyərlər.

Karamzin və sair rus tarixçilərinin yazdıqlarına görə, hicri 247-ci (=862) ildə başsız və intizamsız olan şimali Slavyan tayfasının dəvəti ilə rus nəslindən üç qardaş – bunların əhvalatı hicri 235 (=850) ildə Avropa tarixinə də girmişdir – Baltik dənizinin o biri tərəfindən gəlib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü – Rurik əmirliyə başladı və rus dövləti o zamandan etibarən əsaslandı.

Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox əfsanələrdə Rus tayfasının göstərdiyi hünərlər, təəccüblü işlər və Makedoniyalı İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur.

Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə və Ərəmya peyğəmbərin kitabında 25-ci fəsildə şərq tayfaları sırasında Rus tayfasının da adı çəkilir, bu da onların qədim bir nəslə mənsub olduqlarını göstərir.

4. Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə bərabər Bolqarıstan ətrafında yurd salmışdı.

Onunla Türk arasında şiddətli müharibə baş verdi. Bu müharibədə Qərrənin oğlu Beyğur öldürüldü. Deyirlər ki, bunların nəsli arasında indi də çəkişmə davam edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix kitablarında miladdan yüz il əvvəl söylənməkdədir.

5. Kamaridir. Buna Kamak da deyilir. Bu xoştəbiət və ovçuluğu sevən bir şəxs idi. O indi Bolqar adlanan yerə gəlib yurd saldı. Onun Bolqar və Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə sahibi oldular. Qumuq tayfası bu nəsildən ayrılmışdır və adları da, ehtimal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da bu tayfanı həmin yerlərdə Kam və Kamak adları ilə qeyd edir.

6. Səqlabdır. Bunun da böyük bir qəbiləsi var idi. Yer ələ keçirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu, anası vəfat etdiyi üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hücum edərdi. Atası öz qohumlarından ona bir qız aldı. Bundan Səqlab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox olduğu üçün onun tələbini rədd etdilər. İş müharibə ilə nəticələndi. Səqlab basılıb şimala doğru çəkildi və 64 ərz dərəcəsində yurd saldı. Buralar çox soyuq olduğundan yeraltı evlər düzəltdilər.

7. Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi, qumaş toxumaq, rəng düzəltmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şeyləri guya bu icad etmişdir.

8. Baricdir. Frənk tayfası və rumlardan bəziləri ona mənsubdur.

9. Məsəkdir. Moğol və Yəcuc nəsli ondandır. Yafəsin başqa övladı haqqında heç bir məlumat yoxdur.

Musanın «Tövrat»ına görə də, Yafəsin Kamir, Makuk, Madi, Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz övladı vardı.

Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari və Məsək ola bilər.

Müəllif deyir: Cənub və şimal tayfalarından bir çoxunun dilində bəzi fellər və əsli isimlərin uyğunluğu onların bir nəsldən olduğuna dəlalət edir. İnsan nəsli hər halda ilk dövrlərdə vəhşi, çılpaq və cənub tərəflərində sakin olmuşdur. Aşkar məsələdir ki, münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflərində yaşaya bilməzdilər. Tədriclə yaşayış vəsaiti düzəldi, qəbilələrin çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara üçün geniş otlaqlara ehtiyac artdı. Bu zaman bunlar şimala doğru üz tutdular. Onların yolları da, əksəriyyətlə, Qafqaz ölkəsindən və xüsusilə, Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq tərəfdən də Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək mümkün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı çölləri, meyvə ağacları və meşələri olan isti dərələri vardır. Bu hal o dövrlərdə yaşayan vəhşi xasiyyətli tayfaların bu yerlərdən keçib getmələri və yurd salmaları üçün daha əlverişli idi.

Tarixçilərin çoxunun qeydinə görə, çox qədim dövrlərdən bəri İran şahları və başqaları fəth və səyahət fikri, ya da düşməndən qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah gətirərdilər. Xüsusilə, Şirvan vilayəti cənub və şimal tayfalarının ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilməmişdir. Qədim Suriyanın və Babilistan dövlətlərinin tarixlərində Qafqaz haqqında açıq və aydın məlumat yoxdur. Lakin İran tarixlərində söylənir ki, Pişdadiyan sülaləsindən Fərrux oğlu Fridun və Kəyan padşahlarının sülalə başçısı Keyqubad uşaqlıq zamanında düşmənlərindən gizlənib, Əlbürz – Qafqaz dağlarında və düzlərində yaşayırdılar.

Fridunu Dəmirçi Kavə və Keyqubadı da zabilistanlı Rüstəm gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar.

Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padşahı idi və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb tərəflərini Səlmə, şərq ölkələrini Turə və orta tərəflərini də vəliəhdi olan İrəcə (İrək sözünün ərəbcələşmişidir) verilmişdir. Bir qədər keçdikdən sonra, Səlm ilə Tur İrəcə paxıllıq edərək, onu məşvərət və görüş bəhanəsilə dəvət edib Qarabağın yaxınlığında öldürdülər. O zamandan sonra nəsli arasında ədavət düşmüşdü. Ölkənin şərq tərəfləri Turan və orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxınlığında indi də İrəc adlı bir yer vardır. Miladdan təqribən 700 il əvvəl, Qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahilində Tanais, Fanaqoriya, Hirmonas və Dioskuriya şəhərlərini bina edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başlamışdılar.

Miladdan təqribən 400 il əvvəl yaşamış yunan tarixçisi Herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən qaçıb Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633 il əvvəl onları təqib edib iyirmi səkkiz illik istiladan sonra Avropaya qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər, ilk fəthləri və son istilaları da bu ölkədə olmuşdur. Bu cəhətdən Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından bir çoxunun nişanələri indi də mövcuddur.

Herodotun yazdığına görə, Kəyan padşahlarından Keyxosrovun massaget skifləri və onların məlikəsi Tomirisə qarşı açdığı müharibə Albaniyada olmuşdur. O, (Herodot) belə deyir: Kirus Arazdan keçib, ona qovuşan Kür çayına maneəsiz olaraq gəlib çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada dağ əhalisi onu məğlub edib, bütün qoşunu ilə məhv etdilər. Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dağa çəkilib qeyb olması haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd yaxınlığındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir. Xülasə, bəzilərinin zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüstana hərəkət etmək istəsəydi, o zaman iki çayın (Kür və Araz) qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Albaniyaya səfər etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsindən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məşhur olan «Sur dərəsi» ola bilsin ki, bu dərədir. Bunun belə adlanması da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki «sur» ərəbcə «hasar» deməkdir. Ola bilsin ki, bu dərə «Sul qapısı» nın və yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir yerdə, Nuşirəvanın bina etdirdiyi «Sul şəhəri» nin adı ilə adlanmış olsun. Zaman keçdikcə «l» dönüb «r» olmuşdur. Ola bilsin ki, Keyxosrov Sürhi mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa və Qaziqumuqun bir çox tayfaları tərəfindən öldürülmüşdür; çünki «Sur» adı «hi» sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarixçilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası yaxınlığında məğlub edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və hamar olub heç bir dar dərə yoxdur.

Məhəmməd ibni-Xandşah (Mirxond) «Rövzətüssəfa» da, Xandəmir «Xülasətüləxbar» da və sair tarixçilər yazırlar ki, Güştasib Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində səltənət taxtına oturdu və İran paytaxtını Bəlxdən özü bina etdirdiyi İstəxr şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı və bir adam göndərib, türklərin hakimi Ərcasibi də bu dinə dəvət etdi. Buna görə, indiyə qədər bir dində olan iki tayfa arasında müxalifət və ziddiyyət törədi. Ərcasib hədsiz qoşunla İrana hərəkət etdi. Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğlub oldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə Ermənistan və Azərbaycanı zəbt etməyə göndərdi. Ərcasib ikinci dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail oldu. Güştasib ömrünün axırlarında hökmranlığı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı, özü isə dünyadan əl çəkdi.

Ölkələr fəth etmək, Qafqaz üzərinə qoşun yürütmək, Ruma səyahət, Zərdüşt dinini qəbul etmək və İstəxr şəhərinin binasını qoymaq kimi hadisələrə baxılarsa, Kirus adının Keyxosrovdan ziyadə Güştasibə verilməsi daha münasib olar; lakin xəbərlərin dolaşıq olması və mənbələrin azlığı üzündən onu ayırd etmək çox çətindir.

Karamzinin yazdığına görə, İran padşahı Dara Ermənistanda, Azərbaycanda və bu ölkələr ətrafında qətl-qarətlə məşğul olan Skif tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla onların ucsuz-bucaqsız çöllərinə yeridi. Lakin o, heç bir iş görə bilmədi, hətta az qaldı ki, qoşunu da tamamilə məhv olsun.

«İskəndərnamə» adı ilə məşhur və tarixi bir əfsanədən ibarət olan farsca qədim bir kitabda yazılmışdır: İskəndər, səfəri əsnasında Bakıya gəlir. O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan şəhəri bəzəyib əhali ilə onu qarşılayır. İskəndəri şəhərə gətirib ona lazımi xidmət göstərir. Sədan İskəndər qoşununun yaxşı atlara ehtiyacı olduğunu bilib bu tərəflərdə Xəzranguh adlanan yerdə Firuz adlı bir qocanın hədsiz ilxısı olduğuna ona xəbər verər. Bu ilxı keçmişdə Bəhmən şahın olmuşdur. İlxı Firuzun ixtiyarına keçdikdən sonra, Humay və Dara nə qədər istədilərsə də, o vermədi. İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi ki, Firuzun vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki, o dağın ətəklərində rəngbərəng çadırlar qurulmuşdur. Bunların arasında çin atlazından bir çadır qurulmuş və bir qədər camaat onun ətrafına toplanmışdır. Çadırda, turanlı qırmızısaqqal bir qoca oturmuşdu; onun əynində pələng dərisindən bir qaftan, başında isə, dövrəsi qızıl zəncirdə tikili bəbir dərisindən bir papaq və qarşısında da böyük bir əsa vardır.

Xülasə, ertəsi gün, Firuz topladığı qırx min qoşunla İskəndərlə müharibəyə çıxdı. O, İskəndərin şövkət və əzəmətindən xəbərdar olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda yazılmışdır ki, İskəndər böyük bir yunan şəhərinə çatdı. Əhali təslim olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab etmək istədi. Şəhər dəniz səthindən aşağıda idi, lakin orada dağdan bir hail var idi. Ərəstu hikmət üzrə 700 batman miqdarında bir cüt yağ düzəltdi. Bu yağ, daşı əhəng kimi əritdi. Bu qayda ilə suyun yolunu açdılar və şəhəri batırdılar. Xilas olanların bəzisi Gilan şəhərinin binasını qoydu.

Müəllif deyir: Bu kitabın sözünə inanmaq olmasa da, ola bilər ki, bir zaman belə bir hadisə başqa bir şəkildə üz vermiş olsun. İran əhalisi bir çox böyük və mühüm hadisələri İskəndərə isnad etdiklərindən, bunu da ona isnad verirlər. İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Salyan arasında da, dəniz sahilində təxminən səkkiz coğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır. Quba qəzasında olan Müskür mahalında, Samur çayından başlamış Şabran mahalına qədər, dəniz sahilindən təqribən iki ağac aralı, məşhur bir təpə uzanır. Xalqın dediyindən və dənizin əlamətlərindən aşkar görünür ki, bu yerlərdə bir zaman dəniz olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, şəhəri batırmaq üçün suyun buraxılması bu dənizin səthini aşağı salmış və onu Cürcan dənizi ilə birləşdirmişdir.

Belə bir hal (yəni təpə silsiləsi), Qumuq ölkəsinin dəniz sahilindəki bəzi yerlərində də müşahidə olunur. Atil çayı qolları və axmazlarının çoxluğu da bu ehtimala qüvvət verir. Məsalikülməmalik34, Məcməülbüldan müəllifləri və sair tarixçilər yazırlar ki, quranda adı çəkilən Məcməülbəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) də oradadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində35 ola bilər.

Bakıdan türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox məşhurdur. Şərq sahillərində yaşayan əhali, at belində buraya (Bakıya) çapqına gələrmiş. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən burclardan, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın.

Yadımdadır, qırx il bundan əvvəl Bakı qalasının divarı iki arşın qədər suyun içində idi; sonralar tədriclə, xüsusən bu dörd-beş ildə dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək və hər halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı tədqiqat və mülahizələrdən asılıdır.

Şeyx Nizami öz mənzum İskəndərnaməsində deyir: İskəndər, fütuhatı əsnasında Ermənistana gəlir. Bu yerin əhalisi atəşpərəst imiş. İskəndər şikar edərək Bərdə mülkünə keçir. Bərdə şəhərinin xarabaları Qarabağ ölkəsində, Kür çayı sahili yaxınlığında, indi də mövcuddur. Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etdirmişdir. Nuşabə adlı bir qadın buranın hökmdarı imiş. Onun böyük şövkət və cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib lazım gələn hər bir şeyi tədarük edər, ardı kəsilmədən İskəndərin ordusuna göndərərmiş. İskəndər Nuşabənin camal və kəmalının tərifini çox eşitmiş olduğundan, libasını dəyişdirərək elçi sifətilə onun yanına gedir. Nuşabə işin təhərindən onu tanıyır, təzim və mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə barəsində ondan əhd-peyman alır. İskəndər öz ordugahına qayıtdıqdan sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır. İskəndərin Nuşabəyə olan məhəbbəti daha da möhkəmləşir. İskəndər oradan Əlbürz (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd keçidinə çatır. Burada hələ şəhər yox idi. Dağ üzərində möhkəm və dar bir yerdə çox varlı və dövlətli bir qala vardı. Bu qalada bir neçə nəfər yaşayırdı, bunlar yoldan keçənlərə mane olurdular. İskəndər təslim olmağı onlara dəfələrlə təklif etdi, onlar rədd etdilər. Buna görə, hücum edərək oranı dağıtmağı hökm etdi. Bu yer o qədər möhkəm idi ki, bütün qoşun qırx gün qırx gecə çalışdı, bir iş görə bilmədi. Ancaq axırda qalanın əhli təngə gəlib təslim oldu. İskəndər onlara başqa yer verib qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu.

Bu zaman o dağlıq yerlərin yaxınlığında yaşayan əhali İskəndərə şikayətə gəlib dedilər: Qıpçağın vəhşi xasiyyətli əhalisi bu yerləri xərabəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində bir sədd çəkilsin. İskəndər çoxlu işçi toplayıb, bu gədikləri bərkitmək üçün, o darısqal dağda daşdan bir sədd çəkməyə əmr verdi.

Qayıtdığı zaman birinci mənzildə ona dedilər ki, bu ətrafda Sərir adlı çox gözəl və mükəmməl bir qala vardır. Keyxosrovun taxtı, tacı və qəbri burada bir mağaranın içərisindədir. Onun nəslindən bir şahzadə bu yerin əmiridir. İskəndər Keyxosrovun taxtı olan qalaya getdi. Bu qalaya «darvaza» da deyirlər. Səririn əmiri onu qarşıladı; İskəndər buradakı qızıl taxtı, mağaranı, dağları və bir çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə ovla məşğul oldu. Sonra Rudbar yolu ilə Xalxala, oradan Gilana və daha sonra Rey mülkünə getdi.

Mavəraünnəhrdə şəhərləri bərpa etməkdə ikən, ona xəbər çatdı ki, Rus tayfası Qıpçaq əhalisilə bərabər, saysız-hesabsız bir miqdarda, Dərbənd və onun ətrafına yol tapmışlar… Bərdə şəhərini alıb Nuşabəni də, bütün qızlar ilə bir yerdə, əsir aparmışlar. İskəndər oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə gəldi. Bu ölkənin gözəl qadınları naməhrəmdən üzlərini örtmürdülər. İskəndər geniş bir çöldə, böyük bir su kənarında düşdü.

Rus əmiri Kontal Rus, Aysu, Portas, Peçeneq, Alan, İlaq və Xəzərdən ibarət yeddi tayfadan topladığı 900.000 artıq bir qoşunla İskəndəri qarşıladı. Bir neçə gün çox şiddətli müharibə getdi, nəticədə İskəndər qalib gəldi. Kontal on bir nəfərlə əsir düşüb sülh etdi. Nuşabəni və sair əsirləri çoxlu şeylə bərabər geri qaytardı. İskəndər xərac qoyduqdan sonra Kontalı sair əsirlərlə bərabər azad edib geri qayıtdı.

Kvint Kurtsi36, təqribən dörd yüz il İskəndərdən sonra yazdığı tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək başqa şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət yetirən və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu Atil və ya Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki qədim tarixçilər bütün şimal əhalisini skif adlandırırdılar. Dərbənd qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır.

Dərbəndnamə və sair kitablarda da İskəndərin Dərbənd səddini təmir etməsi haqqında izahat verilmişdir. Dərbənd, xalq arasında indi də «Səddi-İskəndər» adı ilə məşhurdur. Diqqətlə baxılsa Quranda da bu məsələ qeyd edilmişdir. Qurandakı ayələrin məzmunu belədir: «Zülqərneyn yola düşüb getdi, günəşin batdığı yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin doğduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü, onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: «Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac versək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?» İskəndər cavab verdi: «Allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında bir sədd çəkildi. Onlar (Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa bilmədilər və onu deşməyi də bacarmadılar».

Bir çox təfsirçilərin və məşhur tarixçilərin yazdıqlarına görə, Zülqərneyn Rum, İran və ya Məğrib və Məşriqin padşahı olan Makedoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmişdi. Deyirlər ki, onun tacında iki buynuz vardır, bu da iki cıqqaya işarə ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus dənizinə işarədir, Mədari-sərətanə yaxın olduğundan burada hava isti və dənizin suyu axmaqdadır.

Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğrib-zəmində ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək Yupiter məbədinə getməsi də bu mətləbi təsdiq edir. Qıpcağın çılpaq çöllərində yaşayan vəhşi əhalinin həqiqətən günəşdən qorunmaq üçün heç bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasında keçən üçüncü yol, şimala doğru getməlidir; çünki cənuba doğru gedərsə qarşıya okean çıxar. İki sədd – Ermənistan və Azərbaycanın iki sıra dağlarından və Xəzər ilə Qara dənizdən ibarətdir. Dil bilməyənlər isə Qafqazın cənub tərəflərində yaşayan xalqlardır. Dillərinin qəribəliyi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq mümkün deyil. Yəcuc və Məcuc Yafəs nəslindən olub, şimalda yaşayan vəhşi və qarətkar tayfalardan ibarətdir. Deyirlər ki, Yəcuc türklərdən, Məcuc isə dağlılardandır.

Bu məsələni Tövratın təfsiri də təsdiq edib deyir: Skif tayfası, Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir, bunlar Qafqaz dağının ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də var imiş, ona Yaropol da deyərlərmiş. Yəcuc İsrail övladından birinin adıdır; cadugərlər padşahının adı da Yəcuc idi.

Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər dənizinin sahilləri yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda, şimalda yaşayırlarmış. Hər iki tayfa skif hesab olunur. Sədd də Dərbəndin həmin hasarıdır, ona külli dəmir işlədilmişdir. İki müqabil olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da – Xəzər ilə Qara dənizdir…

Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və cənubi Okyanus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila etməsi isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmişdə bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəribəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın vəhşi tayfaları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa tədbirlər görməsi təəccüblü və ağıldan uzaq bir məsələ deyildir. İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat… sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamətlər və Kvint Kurtsinin coğrafi cəhətdən rabitəsiz olsa da – İskəndərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qafqaza) gəlməsini və səddin onun əmrilə tikilməsini aydın bir surətdə göstərir.

Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar dünyanın vəziyyətindən lazımi dərəcədə xəbərdar olmadıqları və öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə olmuşdur. Buna görə də, əxbar kitablarını və tarixi əsərləri qarışıq bir hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib Çələbi «Cahannüma» adlı əsərində deyir ki, aparılan tədqiqata görə, Makedoniyalı İskəndər Zülqərneyn deyildir. O, (Zülqərneyn) İbrahim (peyğəmbər) ilə müasir olub, Yəmən himyərilərindən bir padşah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və səddi dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə, şimal-şərq tərəfdə bəlli olmayan bir yerdədir. Dərbənd səddi haqqında da deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi Şirvan, Ermənistan və Azərbaycan vilayətlərində qətl və qarət ilə məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün bina etdirmişdi. Fars padşahları daima onlarla müharibə edirdilər. Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi. Nüzhətülqülub müəllifi səddin bina edilməsini Güştasibin atası Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzələndiyini bildirir. Katib Çələbi kimi bir alimin fikrinə təəccüb etməlidir. O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi37, Qazi Beyzavi38 və başqaları Makedoniyalı İskəndərə Zülqərneyn və Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların fikrini doğru hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası Nuşirəvandan əvvəl İsfəndiyara nisbət verildiyi kimi, İskəndərə də nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş və sonra dağılmışdır. İskəndərin yenə onu təmir etməsi ağıldan uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən 2543 il əvvəl, İskəndərin taxta oturması isə hicrətdən 958 il əvvəl vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır. Yenə ehtimal ki, bu padşahlardan hər biri, vadilərdə və dağlarda binalar tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan isə indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.

O (Katib Çələbi), fəsadçı, soyğunçu və vəhşi türk tayfalarını Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki bəzi tarixçilərin isnad etdikləri əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu yalnız kinayə yolu ilə söyləmişlər. Mövcud səddi burada qoyub, əsla olmayan bir mövhum səddi göstərir. Plutarx39 və Strabonun yazdıqlarına görə, Albaniyadan Pompeyə qarşı göndərilən qoşunun miqdarını nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya İsanın anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli bir dövlət imiş. Pompey Pont padşahı Mitridadı məğlub və Ermənistan padşahı Tiqranı özünə tabe edən Roma sərdarlarından birincisidir. Pompey öz qoşunu ilə Qafqaz dağlarından keçərək Qara dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib etmək istəyir. O bu məqsədlə albanlardan və iveriyalılardan yol istədi, onlar da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan Pompey Kürün kənarında qışladı. Bu zaman albanlar qırx min nəfərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra, Pompey müharibəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhvalatdan sonra, Albaniya padşahı Orizi çarəsiz qalıb, barışıq istədi və buna da nail oldu.

Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çatdıqda ona xəbər verdilər ki, albanlar birinci dəfə olaraq toplaşmışlar. O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayı arasındakı susuz çölləri və çətin yolları keçdikdən sonra, Abaza çayı kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya qoşununa rast gəldi. İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı olan Albaniya padşahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey albanları oradan üç günlük məsafədə olan dəniz sahilinə qədər təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan çoxlu zəhərli ilan onun yürüşünə mane oldu. O, buradan Kiçik Ermənistana qayıtdı.

Qeysər ləqəbi daşıyan Roma imperatorlarının ilk hökmdarlıqları dövründə albanlar İveriya sultanlarilə müttəfiq idilər. Onlar Ermənistan vilayətləri uğrunda parfyanlarla – yəni Kürdüstan tayfası ilə – romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin40 yazdıqlarından ən məşhuru budur: Qeysər Tiberi öz səltənəti zamanında İveriyada səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə təyin etdi. Lakin Ermənistan səltənətinə göz tikmiş parfyan padşahı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitridada kömək edirdi. Dağıstan, Şirvan və indiki Gəncə mülkü adlanan Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun gətirdilər, bu iş yaxşı nəticə verdi. İran vilayətlərindən bir çoxu Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da ermənilərin ixtiyarında və istilası altında idi.

Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padşahı Artaşes Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında birləşmiş Alan, Dağıstan, Kuhistan iveriyalıların bəzisi ilə müharibəyə girişərək onlara qalib gəldi. Alan padşahının oğlu Saten əsir alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi. Alan padşahı sülh etmək istərdi. Onun qızı Satenek Kürün kənarına gəlib, çayın o biri kənarında olan Artaşes isə mütərcim vasitəsilə danışığa başladı və dedi: «Ey ağıllı və güclü padşah! Rəva deyildir ki, qardaşımın öldürülməsi üzündən iki şövkətli və əzəmətli padşah arasında daimi ədavət düşsün». Artaşes (bunu eşidib) Kürdən keçdi, üz-üzə onunla danışığa başladı, onun kamal və camalına aşiq oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padşahının yanına elçiliyə göndərdi. Qohumluq baş tutdu, Saten azad edildi və hər iki padşah da öz hökumət mərkəzlərinə qayıtdılar.

Bir zaman keçdikdən sonra, Alan padşahı vəfat etdi və onun sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb Artaşesə pənah apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Böyük bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü və bir çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsində Ağrı dağının ətrafında yerləşmişdilər. Saten öz atasının mülkündə müstəqil oldu. Qaziqumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi də Sumbat adı ilə məşhur olması bu mətləbi təsdiq edir.

Ermənistan padşahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oğlu Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürüldü. Xosrovun vərəsələri də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü həzrət Corcisi Qeysəriyyəyə, kiçiyi Sureni də bibisinin – Haptaq padşahı Cavanşirin arvadının yanına gətirdilər. Sonra Suren 39 il Dərbənddə hökmranlıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində iğtişaş başlandı, Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun nəslini kəsməyə qalxışdı. Bu zaman Ermənistan əmirlərindən Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı. Tiridat çox qüvvətli və şücaətli idi, əsgəri xidmətə girərək yüksək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya, Əğvan və Massageteni ələ keçirdi. Sumbat övladından Sumbat adlı birini göndərib, Alan padşahının qızı Əşkəni aldı. II Xosrov bundan olmuşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında çox şiddətli bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək, özü müharibəyə girişdi. Alanda doğulmuş Baslas padşahı cəsur Katarhun, Tiridata bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü. Xülasə, əğvanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-qarışma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan sonra, sasanilərdən Hürmüzün oğlu Şapur ilə müharibəyə başladı. Azərbaycanı aldıqdan sonra, onunla barışdı…

Vaqarşapat şəhərini Ermənistan padşahı Vaqarş miladi II əsrin axırında bina etmişdi. Tiridatın vəfatına qədər bura Ermənistanın paytaxtı olmuşdur; indiyə qədər də ermənilərin böyük xəlifəsinin (patriarxının) oturduğu yerdir.

Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində şamxal Çoban bəy Gəray xan oğlunun xahişinə görə, İndiri kəndində ixtisarla farscadan türkcəyə tərcümə etdiyi Dərbəndnamədə deyir: Türklərlə iranlılar arasında daimi müharibə getdiyindən Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təxribat yetişirdi. İran padşahı Qubad Firuz oğlu Sasani, paytaxtı Atil çayı kənarında olan Xəzər padşahı Xaqan ilə barışıb, onun qızını aldı. Xaqanın 400.000 nəfər qoşunu var idi. Moskva, Noqrad – ehtimal ki, Novqorod olsun – və bütün ruslar ona (Xaqana) xərac verirdilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin arasında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarixlərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər Zülqərneynin səddi olmuşdur. Deyirlər ki, bu səddin bir mil qədəri Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun altından çıxarıb təmir etsinlər. Hasarı Təbərsəranın yuxarısına qədər çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı yeddi ildə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox qüvvətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bilməyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının evinə geri qaytardı ki, nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın.

Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu Yəzdicird də təmir etdirmişdir. Bu təmir Nuşirəvan dövründə tamam oldu. Qubad və Nuşirəvan – hər ikisi İran vilayətlərindən müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina etdirmişdir. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu ölkədə yaşamışdır. O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi də adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdirdiyi Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan adlı bir darvaza saldırdı. Nuşirəvan özü də burada sakin oldu. Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina etdi. İran vilayətlərində bir çox əhalini köçürüb buralarda sakin etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri yeddi vilayətə böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi:

1. Gülbax. Burada, Qoysu çayının sağ kənarında, indiki Çilyurd yerində Əhran şəhərini; İndiri kəndinin aşağı tərəfində, Qızılyarda Sürxab qalasını; İndiri kəndinin yuxarı tərəfində, Çumlu adlanan yerdə Kiçi-Macarı; indi Minarət və daha əvvəllər Tatartop adlanan Ulu-Macarı bina etdirdi.

2. Tumanşah mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər qalasını; bunun üç ağaclığında, dəniz kənarında İnci qalasını (xarabaları indi də qalır); Tarxu ilə İndiri kəndi arasında Keyvan qalasını; Əhran, yəni Qoysu çayı kənarında Bəlx şəhərini və qoşun iqamətgahı olan bu şəhərin qalasını çayın sol kənarında bina etdirdi. Şəhərin şimal tərəfində də bir neçə qala tikdirdi. Nuşirəvan, Tuman qəbiləsinə yerləşdirmiş olduğu bu yerləri, Həmri hüduduna qədər, bu qəbilə əmirlərindən birinə tapşırdı. Ona Tumanşah adı verdi. İsfəndiyar Əhran şəhərində qızıl taxta oturduğundan, Əhranı bu ölkənin hamısı üçün mərkəz qəbul etdi. Terek çayı dəhnəsindəki gümüş və Əhrandakı mis mədənlərini Əhranın sərdarına verdi. Qoysunun sol kənarında, Çilyurdun üst tərəfində bir isti su vardır. İndi də ona Gülbax isti suyu deyirlər.

3. Qaytaq. Nuşirəvan buraya əmir təyin edərək qalalarını təmir etdirdi. Gilan və Kaşandan bir çox əhalini buraya köçürdü və onu nizama saldı. İndi Köbəçi adlanan Zirihgəran da buruya daxildir.

4. Qumuq dağlarında və onun ətrafında olan yerlər. İndi Qaziqumuq, Aqquşa mahalları, Avar və sair hissələrdən ibarətdir. O buraya Filanşah ləqəbli bir əmir təyin etdi.

5. Təbərsəran. Buranın əhalisi çərxçi və Dərbəndin ən yaxşı qoşunlarından olub, Təbəristan və İsfahandan gəlmədir. Bunların əmirinə Hicranşah deyirdilər.

6. Massaget. Bu yer Təbərsəran və Qumuq dağlarının aşağı tərəfindədir. Əhalisi alanlar olub, sayca başqalarından az idi. Əmirləri də Bütünşah adlanırdı.

7. Şabran və Müskür. Bu yerlərdə Şabran, Bağdad, Gərgər şəhərlərini və axırıncı şəhərin bir ağaclığında Abad şəhərini; Müskürdə Kəsran şəhərini, Dərbəndin üç ağaclığında Sul və ya Sur şəhərini və bunlardan başqa sair şəhər və kəndləri bina etdirdi; Fars əhalisindən bir qədərini köçürüb Müskür, Kürə və Axtıda yerləşdirdi. Öz sülaləsindən onlara bir əmir təyin etdi. Nuşirəvan bu qayda ilə ölkə işlərini və sərhədlərin mühafizəsini möhkəm bir surətdə nizama salıb geri qayıtdı. Bu zaman Xaqan, Gülbax vilayətini ələ keçirib öz sərdarını Əhranda oturtdu. Deyirlər ki, Nuşirəvandan əvvəl İsfəndiyar da həmin qala və kəndləri təmir etdirib yeddi vilayətə bölmüşdü. Əhran ətrafındakı qalaların əhalisini Xorasandan köçürtmüşdü və onun sərdarı Əhranda otururdu. Axtınamədə deyilir ki, Sasanilər sülaləsindən Şah-Bani adlı bir əmir, Nuşirəvanın əmrilə fars əhlindən 60 ailə və 300 nəfər əsgərlə gəlib, Axtı adlanan yerdə bir qala tikdirdi və orada sakin oldu. Bu qalanın asarı dağın başında indi də durur. O, 1500 əşrəfi sərf edərək Axtı isti suyunun üzərində bir hamam tikdirdi və ona xərac qoydu. 560-cı ildə, Nuşirəvan otuz illik səltənətdən sonra, Adil ləqəbi aldı. Bu münasibətlə ətrafın rəisləri hamamın qabağında toplaşıb məşvərət etdilər. Şah-Banidən xahiş etdilər ki, Nuşirəvan hamam xəracını onların üzərindən götürsün. Şah-Bani bu məqsədlə, oğlu Şah-Asanı o zaman Azərbaycanda olan Nuşirəvanın hüzuruna göndərdi və onun xahişi qəbul edildi. Bundan sonra Şah-Bani 15 il daha hökmranlıq edib vəfat etdi. Oğlu Şah-Asan onun yerinə keçib 12 il hökmranlıq etdi.

Tarixi-güzidə sahibi hicri 730-cu (=1330) ildə yazır: Nuşirəvanın Dərbənd ətrafı əmirlərinə verdiyi ləqəblərin və təşrifatın bəziləri indi də qalır: Filanşah və Şirvanşah kimi.

Ömər ibni-Vərdi41, «Xəritətül'əcaib» adlı ərəbcə qədim coğrafiya kitabında yazır: Babül'əbvab İranın şimal tərəfində vaqedir. Çoxlu meyvə bağları olan bu şəhər, Nuşirəvan tərəfindən Xəzər dənizi kənarında bina edilmişdir. Bu Xəzər tayfası qarşısında bir haildir (səddir). Qapıları Qaytaq dağları keçidindəndir, məsələn, Babüssul, Babi-Alan, Babüssabran, Babi-Laziqə, Babüssəcəsi, Babi-Sahibüssərdir, Babi-Filanşah, Babi-Karumanşah, Babi-İranşah və Babi-Liyanşah. Dərbənd dərya kənarında, böyük yol üzərində vaqedir və buranın ən böyük qalalarından olduğuna görə, Babül'əbvab adı ilə şöhrət tapmışdır. Dərbənd hasarının silsiləsi uca bir dağa doğru uzanıb gedir. Bu hasar bir tərəfdən o biri tərəfə keçməyə mane olur. Bu dağda çoxlu qala da vardır.

Əbülhəsən Məsudi deyir: bu ölkədə 300 şəhər var və hər bir şəhərin də, bir-birinə oxşamayan, ayrı dili vardır. Hovqəli42 deyir: Mən bunu inkar edirdim, lakin özüm təhqiq edib bildim. Bu ölkənin çox nüfuslu və abad məmləkətlərindən biri də Şirvanşah vilayətidir. Bu vilayət vüsətli olub çoxlu nahiyələri, kəndləri və imarətləri vardır. Bu yerin əhalisi dikbaş olub heç kəsə itaət etməzlər. Şirvanşahlar səltənətini Nuşirəvan qurmuşdur.

Rövzətüssəfa, Xülasətüləxbar müəllifləri və bir çox başqa tarixçilər yazırlar: xaqanın qızını Nuşirəvan almış və onu boşayıb atasının evinə geri qaytarmamışdı. Nuşirəvanın bundan Nuşizad və Hürmüz adlı iki oğlu oldu. Bu qadın Zərdüşt dinini qəbul etməmişdi. Onun böyük oğlu Nuşizad da, hədd-büluğa çatdıqdan sonra, atəşə sitayiş etmədi. Buna görə o, atasının hökmilə həbsə alındı. Nuşirəvan Şam vilayətində fütuhat ilə məşğul ikən, onun şiddətli bir surətdə xəstələnməsi haqqında Nuşizad yalan bir xəbər aldı. O, həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. Atasının təyin etdiyi məmurları Farsdan, Ehvazdan qovdu və İraqı almaq məqsədilə o tərəfə hərəkət etdi. Nuşirəvan bu əhvalatdan xəbərdar olub, İran sərkərdələrindən Ranbərzinə bir hökm yazdı və onu oğlunun fitnəsini dəf etməyə təyin etdi. Ranbərzin şahzadəyə nə qədər nəsihət etdisə də fayda vermədi. Müharibə əsnasında Nuşizad bir oxla yaralanıb öldü.

Nuşirəvan 48 il səltənətdən sonra, miladi 578-ci ildə və hicrətdən 44 il əvvəl vəfat etdi. Nuşirəvanın xəzər xaqanı qızından olan ikinci oğlu Hürmüz İran taxtına oturdu. Bu münasibətlə ona türkzad deyirdilər.

Rövzətüssəfa sahibi deyir: Hürmüz dövründə Xəzər tayfası Dərbənddən keçib Ermənistan və Azərbaycan ölkələrini qarət etdilər. Bu çapqın hicri 4-cü (=626) ildə vaqe oldu. Rum qeysəri Herakli onları bu ildə İranla müharibəyə təşviq edirdi.

Tarixi-güzidə sahibi və sair tarixçilər deyirlər: Hürmüz zülm etməyə başlayınca, xalq ona qarşı üsyan qaldırıb sikkəni onun oğlu Xosrov Pərvizin adına vurdurdular. Buna görə Xosrov Pərviz atasından qorxub Azərbaycana gəldi. Muğan və Bacərvanda olduğu zaman, «Bərdə» hökmdarı Mihinbanu gəlib onu Bərdəyə apardı və ona mehmannəvazlıq etdi. Xosrov Mihinbanunun qardaşı qızı Şirini sevib axırda onu aldı. Şeyx Nizami bu əhvalatı məşhur «Xəmsə» sinin beş poemasından biri olan «Xosrov və Şirin» kitabında gözəl bir surətdə təsvir etmişdir.

Nuşirəvandan sonra Şirvan vilayəti haqqında ayrıca bir məlumat yoxdur. Ancaq bu qədər məlumdur ki, xəzərlərin istilası və İran səltənəti işlərinin qarışıqlığı nəticəsində Şirvan iğtişaş məhəlli olmuşdur. Bu hal ərəb qoşununun gəlib, ardı-arası kəsilməyən müharibələr ilə şimal tayfalarını məğlub və bu vilayəti ərəb ölkəsinə ilhaq edincəyə qədər davam etmişdir.

Ikinci fəsil
Ərəb qoşununun Azərbaycana gəlməsindən başlayaraq moğollarin istilasina qədər

Tarixi-Təbəri, Tarixi-Güzidə və Rövzülmitar kitablarında deyilir: Ömər ibni-Xəttab43 İran ölkəsini fəth etdiyi zaman, Süraqə ibni-Əmri Azərbaycanı almağa göndərdi. O, bu ölkəni fəth etdikdən sonra, hicri 22-ci (=644) ildə, Bəkr ibni-Əbdüllahı Şirvan səmtini mühafizə etməyə göndərdi. Sonra Əbdürrəhman ibni-Rəbiəni pişdar təyin edib, özü də onun ardınca o tərəfə hərəkət etdi. Əbdürrəhman Muğan və Bəkr isə Ermənistan tərəfindən hərəkətlə, bir çox yerləri aldılar. Bu yerlərin bəzisini hərb ilə, bəzisini də sülh ilə ələ keçirdilər. Araz üzərindəki Xudafərin körpüsünü Bəkr tikdirmişdir. O zaman ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə yaşamaqdadır. Bərdə şəhəri o zamandan xarabalığa üz qoydu. Xülasə, Bəkr və Əbdürrəhman Şirvanın yaxınlığına çatınca, o yerin padşahları nəslindən olan vilayət hökmdarı Şəhriyar aman istədi və sülh etdi, bu şərtlə ki, xərac və cizyə verməsin və bu vergilər, türkləri və sair müxtəlif din sahiblərini dəf etmək üçün saxlanacaq qoşuna sərf edilsin. Onlar Şəhriyarın bu təklifini Süraqə ibni-Əmrə yazdılar, o da bunu Ömər ibni-Xəttabın hüzuruna göndərdi. Xəlifə də bunu qəbul etdi. Ərəblərlə şirvanşahlar arasında bu qayda həmişə saxlanırdı. Süraqə qoşun başçılarından hər birini, bir dəstə qoşunla, keçidlərə və dağlıq yerlərdəki şəhərlərə göndərdi. Alan və Xəzər keçidlərinin hamısını möhkəmləndirib, müsəlmanları bu yerlərdə sakin etdi.

Süraqə vəfat edincə, Ömərin əmrilə Əbdürrəhman onun yerinə təyin edildi. O da qoşun götürüb 200 ağaclıq məsafəsi olan bir keçidə girdi. Bir çox şəhərin əhalisi müsəlman oldu, Gürcüstan əhalisi ilə də, cizyə vermək şərtilə, sülh bağlandı. Bəzi başqa xalqları da müsəlman edib, yenə Dərbəndə gəldi. Osmanın44 xilafəti zamanında burada vəfat etdi…

Həbibüssiyərdə deyilir: Osman ibni-Üffanın əmrilə, Həbib ibni-Səlmə ərəb qoşunu ilə Ermənistana, Azərbaycana, Muğana və Şirvana gəldi, başlıca üsyançıları sülh ilə yola gətirdi. Ondan sonra – Osmanın vəfatına qədər – Hüzeyfə ibni-Yəman, Müğeyrə ibni-Şəbə və Əşəs ibni-Qeys bu hüdudda hökmran idilər.

Dərbəndnamə sahibi deyir:

… Hicri 41-ci (=662) ildə, səhabələrdən Səlman və Rəbiətülbahili, 4000 igid və döyüşkən qoşunla, xəzərlərin geri aldıqları Dərbəndə doğru hərəkət etdilər. İslam qoşunu gəlincə, Dərbənd Narınqalasının mühafizləri Həmri qalasına qaçdılar. Müsəlmanlar qalanı və Dərbənd şəhərini ələ keçirdilər. Xəzər padşahı Xaqan, külli qoşunla onları dəf etməyə gəldi. Müsəlmanlar da onu qarşıladılar. Dərvaq çayı kənarında hər iki tərəf üz-üzə gəldi. Ərəblərin şücaəti haqqında çox şeylər eşitmiş olan Xaqan, müharibə etmək istəmirdi, zənn edirdi ki, silah onların bədənlərinə kar etmir. Bu halda, xəzərlərdən bir nəfər dəniz sahilinə getdi, orada tək başına çimməkdə olan bir müsəlmanı öldürdü, başını kəsib, Xaqanın hüzuruna gətirdi. Bu əhvalatdan sonra, müharibəyə cəsarət etdilər. 5 gün səhərdən axşama qədər hərb meydanı qızışdı, hər iki tərəfdən bir çox camaat qırıldı. 6-cı gün Xaqan öz qoşununu çox məzəmmət edib dedi: bu gün hər kim müharibədən üz çevirsə, mükafat olaraq məndən əzab görəcəkdir. Bu tərəfdən də, müsəlmanlar cihad şövqilə ruhlanmışdılar. Səlman və Rəbiə öz qoşun dəstələrinin qarşısında, 40 nəfər könüllü ilə düşmənə həmlə etdilər. Çox şiddətli bir müharibə oldu, Xaqanın qoşunundan neçə min nəfər öldürüldü. Səlman ilə Rəbiə də bu 40 nəfər ilə birlikdə öldürüldü. Bunların qəbirləri, Dərbənd şəhərinin yanında, Qırxlar adı ilə ziyarətgahdır. İslamın qalan qoşunu məğlub oldu, yaralılar Dərbəndə və buradan da Şama qayıtdılar. Xaqan, Dərbənd şəhərini mühafizə etmək üçün 3000 nəfər əsgər təyin edib, öz paytaxtına qayıtdı.

Əməvilərdən Vəlid ibni-Əbdülməlik45, hicri 86-cı (=705) ildə, xilafətə oturduğu zaman, öz qardaşı Müsliməni 40000 igid əsgərlə Dərbəndi almağa göndərdi. Müslimə əvvəlcə Naxçıvan ölkəsində, Araz çayı kənarında – indi də xarabaları məlum olan – Cülah şəhərini aldı. Sonra Lahıcan şəhərini alıb viran etdi. Bundan sonra Şirvana gəldi. Müskürə qədər ələ keçirdiyi yerlərdə hakimlər təyin etdi. Buradan da Dərbənd üzərinə yürüş edərək oranı mühasirəyə aldı. Lakin qalanı almaqdan məyus olub, qayıtmaq fikrində idi. Bir gecə qaladan bir nəfər gəlib dedi; əgər onu dünya malından təmin etsələr, bildiyi gizli bir yol ilə qoşunu qalaya daxil edər. Müslimə bu işə könüllü bir nəfər istədi, kimsə cəsarət etmədi. Bu halda, Əbdüləziz Bahili iki oğlu və qəbiləsindən yüz nəfər igidlə bu işi yerinə yetirməyi öhdəsinə aldı, bu şərtlə ki, Beytülmala çatacaq xümsdən başqa, qənimətlərin hamısı ona çatsın. Sonra dağ tərəfindən 6000 nəfər də onların ardınca getdi. Bələdçinin göstərişilə lağım atıb, Dərvaq tərəfindən yer altındakı darvazanı açdılar. Qalaya elə daxil oldular ki, qarovulçulardan kimsə bunu bilmədi. Gecə yarısı müharibə başlandı. Xəzərlər öz can və əhli-əyallarını müdafiə edirdilər. Müharibə sülh açılıncaya qədər davam etdi. Sülh zamanı, müsəlmanlar qalanın darvazasını tutdular, İslam qoşununun hamısı içəri daxil oldu. Xüms çıxıldıqdan sonra, bütün qənimətləri Əbdüləzizə verdilər. O da bu qənimətləri qalanı almaqda iştirak edən 6000 nəfər əsgər arasında bölüşdürdü. Bələdçilik edən kişiyə də çoxlu mal verib bir qulluğa qoydular.

Müslimə, özündən sonra xəzərlərin əlinə keçməsin deyə, qalanın dağıdılmasını məsləhət gördü. Qoşun sərkərdələri də onun rəyini təsdiq etdilər. Ancaq Əbdüləziz dedi: bu boş bir xəyaldır; çünki xəzər tayfası gəlib, onu əvvəlkindən də yaxşı təmir edər. Nə qədər Dərbənd onların əlində olsa, Ermənistan və Azərbaycan ölkələri salamat qala bilməz. Müslimə onun sözünü qəbul etməyib, qala divarının hər iki tərəfdən dağıdılmasına əmr verdi. Əbdüləzizi də Ermənistan və Azərbaycan hakimi təyin edib Şama qayıtdı. Xəzər tayfası yenə Dərbəndə gəldi, lakin onlar qalanı təmir etmədilər. Hər il oradan keçib, Ermənistan və Azərbaycanı qətl və qarət edirdilər. Bu ölkə əhalisindən peydərpey gələn şikayətlərə görə, Müslimə ikinci dəfə 40000 qoşunla Dərbəndə gəldi. Qalanı təmir edərək, burada 5000 nəfər əsgər qoyub, Şama qayıtdı. Bundan bir neçə il keçdi. Dərbənd mühafizləri xəzərlərin qorxusundan qaladan bayıra çıxa bilmirdilər. Xəzərlər dərədən keçib Ermənistan və Azərbaycanı çapırdılar. Ermənistan və Şirvan hakimi Əbdüləziz Bahili, hərdənbir müdafiəyə qalxışırdısa da, onları dəf etməyə gücü çatmırdı…

Hicri 103-cü (=722) ildə Əbdüləziz vəfat etdi. O əsrin xəlifəsi Yəzid ibni-Əbdülməlik46, Əbü Übeydeyi-Cərrahı 6000 nəfər əsgərlə Dərbənd mühafizlərinin köməyinə göndərdi. Xaqanın oğlu da öz qoşunu ilə Həmriyə gəldi. Əbu Übeydeyi-Cərrah Müskürə gəlib o ətrafın qalalarındakı qoşunları toplayaraq Rubas çayı kənarında dayandı. O, Təbərsəran və Qaytağın hələ də islam dinini qəbul etməmiş olan əmirləri ilə görüşüb dedi: «Mən Ərəbistandan xəzərlərin müharibəsinə gəlmişəm, sizin də bu xüsusda mənə kömək etmənizi arzu edərdim». Ləzgi rəislərindən Artanış adlı bir nəfər, bu əhvalatı gizlicə Xaqanın oğluna bildirdi. Əbu Übeydeyi-Cərrah bundan xəbər tutub, üzdə dedi ki, guya o, burada ancaq 3 gün dayanacaqdır. Lakin gecə, məşəllərin işığı ilə Rubas çayından və Dərbənd şəhəri içərisindən keçdi. O, Avayın çeşməsi yanında, sağ cinah əmirini 2000 atlı ilə Qaytaq tərəfinə və sol cinah əmirini də 2000 nəfərlə Təbərsəran tərəfinə çapqına göndərdi. Tapşırdı ki, günəş doğunca ordugaha qayıtsınlar. Sağ cinah əmiri 12.000 qaramal, qoyun və 700 əsirlə, sol cinah əmiri də 40.000 qaramal, at, qoyun və 2000 əsirlə geri qayıtdı. Onlar bunlardan əlavə bir çox başqa qənimətlər də gətirdilər. Xümsünü çıxdıqdan sonra, bu qənimətlərin hamısını qoşun arasında bölüşdürdülər. Xəzər şahzadəsi bu xəbəri eşidəndən sonra, müharibə qəsdilə Həmridən hərəkət etdi. Əbu Übeydə də qarşıya çıxdı. Dərvaq çayı kənarında iki qoşun bir-birilə üzləşdi… Hər iki tərəfdən dava təbili vuruldu, bayraqlar ucaldı, çox şiddətli bir müharibə başlandı. İki tərəfdən də çox adam qırıldı. Axırda xəzər qoşunu müqavimət göstərə bilmədi, bütün təchizatını buraxaraq, qaçıb qurtardı. Müsəlmanlar onları təqib edib qətl və qarət edirdilər. O gün xəzərlərdən 7000 nəfər və müsəlmanlardan 2000 nəfər öldürülmüşdü. Xaqanın oğlu çox çətinliklə özünü İnci şəhərinə yetirib dedi: «Gördüyüm düşmən çox güclüdür, əgər sizə kömək gəlməzsə, özünüzü qaçmaqla qurtarın». Oradan Bəlxə gedib Bəlx, Ulu Macar, Kiçik Macar, Qızılyar və sairin hakimlərini Əhran hakiminə tapşırdı. Ölkənin mühafizəsi üçün lazım gələn əsgəri tədbirləri görüb, özü paytaxta qayıtdı. Əbu Übeydeyi-Cərrah Qayakənd yaxınlığında bir təpə üzərində vaqe olan Həsin qalasını alıb, indi Tarxu adlanan Səməndər şəhərinə getdi. Buranın əhalisi təslim oldu. Buradan İnci qalası üzərinə gəldi. Bu qala bir tərəfdən dağ, o biri tərəfdən dəniz ilə yanaşı idi, dağ ilə dəniz arasında da bir hasar vardı. Buranın əhalisi, yerin möhkəmliyinə, su və azuqənin bolluğuna arxalanıb, qalanı müdafiə etməyi qərara aldılar… Müsəlmanlar ətrafdan 12.000 araba toplayıb, üzərlərinə taxta yığdılar. Qoşun da bunların ardınca gedərək şəhərə daxil oldu. İncinin əmiri ərkə sığındı və gecə bir neçə nəfər rəis və əsgərlə İnci ilə Bəlx arasında olan Keyvan qalasına çatdı. Sübh zamanı müsəlmanlar İnci əhalisini islama dəvət etdilər, qəbul etməyəni öldürdülər və ya əsir aldılar. İnci qalasını da dağıtdılar.

Rövzətüssəfa və Güzidə kitablarında deyilir: Əbu Übeydeyi-Cərrah Xəzər mülkünü qətl və qarət edib, Azərbaycana qayıdandan sona, Xəzər Xaqanı türklərin müxtəlif qəbilələrindən kömək istəyib, 300 min qoşun topladı. Xaqanın oğlu Pəşənk, o cəmiyyətlə Dərbənddən keçərək, Kür və Araz çayları qovşağında düşdü. Qoşununu ətrafı çalıb-çapmağa göndərdi. Bu zaman Əbu Übeydənin qoşunu dağınıq bir halda idi. Özü də atəşgədəni dağıtmaq üçün Ocan səhrasına getmişdi. Yanında olan azacıq qoşunla xəzərlərin qarşısına çıxdı. Şiddətli bir müharibə oldu, müsəlmanlar məğlub olub çoxlu tələfat verdilər. Əbu Übeydeyi-Cərrahın özü də öldürüldü və ailəsi əsir düşdü. İslam qoşunu ilə bərabər olan və Azərbaycanın böyük adamlarından sayılan Mərdanşah da öldürüldü. Türk qoşunları Azərbaycan və Ermənistan ölkələrində qətl və qarətə başladılar. Ermənistanda zərb olunan dirhəmlərdən məlum olur ki, bu vilayət həmin iğtişaş zamanı xəlifələrin əlindən çıxmamışdır. Xülasə, bu xəbər, o dövrün xəlifəsi Hişam ibni-Əbdülməlikə47 yetişdi. O, hicri 114-cü (=733) ildə Səid ibni-Əmri-Hərşini böyük bir qoşunla türklərin müharibəsinə göndərdi. O da, bir çox qələbələrdən sonra, Qarabağ Beyləqanına yetişdi. Eşitdi ki, Xaqanın oğlu müsəlman qalalarından birini mühasirəyə almışdır, az qalmışdır ki, qaladakılar təslim olsunlar. Bu zaman fars şahzadələrindən Xüdavəndi-əsbi-əbləğ adlı Xəzər dilini bilən bir nəfəri göndərdi ki, qaladakılara onun gəlməsini bildirsin. Şahzadə ertəsi gün oraya çatdı. Xəzərlər onu tutub soruşdular: – Sən kimsən və hara gedirsən? O dedi: – Ərəb sərkərdəsi məni göndərdi ki, qaladakılara onun gəlməsini xəbər verim. Xəzərlər ona dedilər: – Əgər qurtarmaq istəyirsən, qalanın yanına gedib de ki, ərəb qoşunu hələ çox uzaqdadır. Şahzadə darvazaya yaxınlaşıb səsləndi: – Ey müsəlmanlar, tanıyırsınız? Sizə müjdə olsun! Səidi-Hərşi külli qoşunla Bəyləqandadır. İki üç gündən sonra, gəlib sizə çatar. Mərd və igid olun!

Müsəlmanlar təkbir dedilər. Xəzərlər şahzadəni oradaca parça-parça etdilər və özləri də köçüb Ərdəbilə tərəf getdilər. Bu zaman ağ atlı və ağ paltarlı bir şəxs Səidin yanına gəlib dedi: – 2000 nəfər xəzər 5000 islam əsiri ilə filan yerdədirlər. Əmir casus göndərib onun sözünü təhqiq etdi, söz doğru çıxdı. Əmir 40.000 nəfər götürüb, səhərə yaxın qəflətən onların üzərinə töküldü. Bir çoxunu öldürdü və əsirləri geri aldı. Qılıncdan qurtaranlar Xaqan oğlunun ordusuna qaçdılar. Səid külli qənimətlə geri qayıtdı. Ağ atlı yenə gəldi, Səid ona dedi: – Ey xoşxəbər kişi, sən harada qaldın, sənin üçün yaxşı hissə və pay saxlamışam. O, cavabında dedi: – O pay əmirin yanında daha yaxşı qalar, mən indi sənə başqa qənimət haqqında məlumat verəcəyəm. Budur, xəzərlərdən bir dəstə filan yerdə külli mal və əsirlə öz vilayətlərinə gedirlər. Müsəlmanlardan bir dəstə oraya gedib təkbir deyərək, düşmənə hücum etdi. Türklərdən bir çoxunu öldürüb, əsirləri azad etdilər, qənimətləri də ələ keçirildi. Səid, Əbu Übeydeyi-Cərraha mənsub olan adamları əzizləyib, onlara çoxlu mal bağışladı. Bu əhvalatdan sonra, Xaqanın oğlu kədərli bir halda vuruşmaya başladı. Səid də Bəyləqan, Bərdə və hökmü altında olan başqa şəhər və qəsəbələrə qasidlər göndərib qoşun toplamağa əmr verdi. Ağ atlı yenə gəldi və salam verdi. Səid çox şaddıqla onun salamını alıb: «Sən çox mübarək nəfəsli (xoşxəbər) adamsan. Sənin sayəndə iki dəfə düşmənə qalib gəldim, sənə çox pay və hissə ayırmışam, niyə almırsan?» – dedi. O: – «Lazım olanda istərəm, siz indi dava tədarükü görməklə məşğul olun. Xaqanın oğlu 40.000 nəfərlə üstünüzə gəlir» – deyə cavab verdi. Səid öz qoşununu düzəltdi. İkindi çağı, iki qoşun bir-birinə yetişdi. Müharibə başlandı. Günbatan çağı türk qoşunu basıldı və onlardan bir çoxu qılıncdan keçirildi. Səid də öz ordugahına qayıtdı. Sübh olunca, ağ atlı yenə gəlib dedi: – «Ey əmir! Xaqanın oğlu öz dağınıq qoşununu toplayıb, yenə müharibə etmək fikrindədir». Səid (qənimət alınmış) yükləri və malları qeyd və mühafizə etmək üçün bir dəstə adam təyin edib, qalan qoşunla yola düşdü. İki qoşun bir-birilə üz-üzə gəldikdə o: – «Kim bilir, Xaqanın oğlu Pəşənk harada durur?» – deyə soruşdu. Onun cavabında: – «Baş sancılmış ağacın olduğu yerdədir» – deyə cavab verdilər. O yenə: – «O kimin başıdır» – deyə soruşunca: – «Əbu Übeydeyi-Cərrahın başıdır» – deyə cavab verdilər. Səid igidlərlə oraya hücum edərək, Xaqan oğlunun tacına bir zərbə endirib onu atdan yerə saldı. Türklərdən bir dəstə, şahzadənin ətrafını alıb onu yenə ata mindirdilər. Müharibə atəşi şiddətli surətdə alovlandı. Axırda türklər döyüş meydanından üz çevirdilər. İslam əhlinin əlinə çoxlu qənimət keçdi. Səid bu qənimətin xümsünü Şama, Hişam ibni-Əbdülməlikə göndərdi, qalanını da 40.000 əsgər arasında bölüşdürdü. Hər bir nəfərə 1700 dinar düşdü. Daha sonra, hicri 115-ci (=734) ildə Hişam Ermənistan, Azərbaycan və Şirvan əyalətlərini öz qardaşı Əbu Müslimə verdi. Ona Şam və Cəzirə qoşunlarından 24 min nəfər verib Dağıstan işlərini nizama salmağa göndərdi.

Müəllifə məlum olduğu vəchlə, Əbu Müslim haman Müslimə ibni-Əbdülməlikdir. Ehtimal ki, yazıda səhv olmuşdur və ərəb dilinin qanununa görə, Əbu Müslim onun küniyəsi və Müslimə isə adı olub, hər ikisilə də şöhrət tapmışdır. Hər halda, Əbu Müslim Dərbəndə gəlib onun hasar və burclarındakı xaraba yerləri təmir etdirmişdir. Narınqalada Nuşirəvan dövründən qalma Səhrinc adlı böyük bir imarəti sökdürüb yerində su, neft, sursat anbarları və cəbbəxana tikdirdi. Narınqalanı çox möhkəm bir hala saldı. Qeyd adlı imarəti təmir edib, divarını yüz arşından artıq dəniz içərisinə çəkdirdi. Müəllif deyir: dörd-beş il bundan əvvəl, o Qeydin özülü bir yerindən sökülmüşdü. Bu sökükdən məlum oldu ki, böyük daşları dəmir millər ilə bir-birinə möhkəm bənd edib, aralarına da əridilmiş qurğuşun töküblər. Əbu Müslim əmr verdi ki, bütün Dağıstandan toplanan xəracı, – istər pul olsun, istərsə mal, – ehtiyac zamanı Dərbənd əhalisinə və mühafizlərinə paylamaq üçün anbarlarda saxlasınlar. Xülasə, Dərbənd əhalisinin çoxunu müsəlmanlardan təşkil edib, şəhəri yeddi məhəlləyə böldü. Hər məhəllə tayfası üçün bir məscid tikdirib, onun adı ilə adlandırdı: 1) Xəzər məscidi, 2) Fələstin məscidi, 3) Dimişq məscidi, 4) Həmməs məscidi, 5) Qeysəriyyə məscidi, 6) Cəzair məscidi, 7) Mosul məscidi. Bunlardan əlavə, cümə namazı üçün böyük bir məscid tikdirdi ki, indi də qalır. Şəhərə 6 darvaza qoydurdu: 1) Babül-mühacir – indi Carpçı qapı adlanır, 2) Babülcəhad – indi Qırxlar qapı adlanır, 3) Babülxüms – indi Yeni qapı adlanır, 4) Babüssəğir – indi Türkmən qapı adlanır, 5) Babülməktub – indi Bayat qapı adlanır, 6) Babüləlqəmə – indi Narınqala qapı adlanır.

Əbu Müslim Dərbənd işlərini nizama saldıqdan sonra, Qumuq tərəfinə səfər bayrağını açdı. Oranın əmirləri və əhalisi, bir çox müharibədən sonra, aman istəyib müsəlman oldular. O, Qaziqumuq şəhərinin ortasına böyük bir came məscidi və bir neçə başqa bina tikdirdi. Onlar indi də durur. Şahbal və ya Şahi-Bəəl ibni-Əbdüllah ibni-Qasım ibni-Əbdüllah ibni-Abbas ibni-Əbdülmütəllibi onlara hakim təyin etdi, islam dininin şərtlərini əhaliyə təlim etmək üçün də onun yanında bir qazi qoydu. Oradan Qaytağa gəldi, buranın əhalisi şiddətli vuruşma və çoxlu tələfatdan sonra, islam dinini qəbul etdi. Qaytaq əhalisi islam dinini qəbul etdikdən sonra, Əbu Müslim öz qohumlarından Əmir Həmzə adlı bir nəfəri buraya hakim təyin etdi. Bundan sonra, əhalisinin çoxu yəhudi və dinsiz olan Təbərsəran üzərinə yürüdü. Bunlar da əvvəlcə müdafiəyə başladılar. Lakin, hakimlərinin öldürüldüyünü və bir çoxlarının tələf və əsir edildiyini görüncə, müsəlman oldular… Məhəmməd Məsum adlı bir nəfəri burada hakim qoydu. Şəriət əhkamını təlim etmək üçün də iki qazi təyin etdi. Əmr verdi ki, bütün Təbərsəran əhalisi Məsum və qazilərin hökmünə əməl etsinlər. Bu nahiyələrin mühüm işlərini yoluna qoyduqdan sonra, Tav (yəni dağ) və Avar əhalisi üzərinə hərəkət edib, onları qılınc gücü ilə müsəlman etdi. Onlar üçün məscidlər tikdirib, qazilər təyin etdi. İndiki halda, Aqquşə kəndi Tavın, Xumzaq şəhəri isə Avarın mühüm yerlərindəndir. Gürcüstan hüdudundan başlayıb, Qıpçaq çölünə qədər, Dağıstanın bütün hakimlərinə və qazilərinə, Şahbala tabe olmağı əmr etdi. Buyurdu ki, əgər Xəzər tayfası Dərbəndin üstünə gəlsə, onlar ona qarşı dursunlar. Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra, geri qaytarsınlar. Dərbəndlilərdən ticarət qəsdilə Xəzər vilayətinə gedən olsa, onun malının üşrünü (onda birini) alsınlar. Elçi gələrsə, onu gözü bağlı şəhərə gətirsinlər, qayıtdığı zaman da bu cür yola salsınlar. Ta ki, onlar Dərbəndin vəziyyətindən xəbərdar olmasınlar. Bütün Dağıstan əhalisi üzərinə vergi təyin edib buyurdu ki, Təbərsəran, Köbəçi və Qaytaq əhalisi hər il onu gətirib Dərbənd hakiminə versinlər. O da özünə və Əmir Həmzəyə düşən hissəni götürüb, qalanını Dərbəndin mühafizlərinə və füqərasına sərf etmək üçün anbarda saxlasın. Əgər hakim özü üçün müəyyən miqdardan artıq götürüb ədalətsizlik etmiş olsa, o zaman qoşun rəisləri onu vəzifədən xaric etsinlər. Həmri, Kürə, Quba, Qülhan, Qürah, Axtı, Xnav, Rütul, Zaxur, bütün Qumuq, Avar, Qərax, Hidat, Tarxu, Əhran və İndiri əhalisi öz xəraclarını Şahbala versinlər. Əgər Şahbalın üzərinə düşmən hücum etsə, yaxud o kafirlərlə müharibəyə getsə Qaytaq, Təbərsəran hakimləri öz qoşunları ilə onun köməyinə gəlsinlər. Dərbənd hakimi həmişə şəhəri mühafizə edib, heç bir yana getməməlidir, cümə günləri məscidi-camedə imam olaraq namaz qılmalıdır.

Katib Çələbi Cahannüma adlı əsərində Əbu Hamiddən belə nəql edir: «Dərbənd işləri nizama salındıqdan sonra, Hişam özü bu şəhərə gəlmişdir. Əhalinin xahişinə görə, öz qılıncını yadigar olaraq, Dərbəndin yaxınlığında bir yerdə qoydu. Bu yer indi də o ölkə əhalisinin ziyarətgahıdır».

Müəllif deyir: Əhalidən mötəbər kimsələrin dediklərinə görə Xəraq mahalında, Yuxarı Təbərsəranda, Curdaf kəndi yanında mağara içərisində bir xəncər vardır. O ətrafın xalqı qurban və sədəqələr aparıb onu ziyarət edib və bu yerin ətrafını müqəddəs hesab edir. Buna görə burada, oğruya çal-çap etdiyi mal üçün cəza verilməz və qatildən də qisas alınmaz. Hətta bir adam cəsarət edib oranın meşələrindən bir ağac budağı belə kəsə bilməz. Demək olar ki, həmin xəncər Hişamın qılıncıdır. Lakin aradan uzun bir zamanın keçməsi və yerin uzaqlığı ilə əlaqədar olaraq, xəncər qılınc deyə məşhur olmuşdur.

Hicri 120-ci (=739) ildə Mərvan ibni-Məhəmməd, Hişam tərəfindən Dərbəndə hakim göndərildi. O, Əbu Müslimin qoyduğu qərarlar üzrə rəftar edirdi. Təbərsəran əhalisi hər il növbə ilə Dərbəndin küçə və məhəllələrini təmizləyirdi.

Hicri 132-ci (=751) ildə xilafət əməvilərdən abbasilərə keçdi, Əbül-Abbas Səffah48 Dərbəndin vəziyyətini yaxşılaşdırmaq və hüdudunu mühafizə etmək barəsində son dərəcə səy edirdi. Hicri 136-cı (=755) ildə, Əbu Cəfər Mənsur49 xilafətə oturunca, Yəzid ibni-Əsədi Dərbəndə hakim göndərdi. Bunun zamanında xəzərlər külli qoşunla gəlib Dərbəndi mühasirəyə aldılar. Onlar bir gecə hasarın dibinə xeyli ağac yığıb, bu vasitə ilə hasarın üzərinə çıxmaq istədilər, qaladakılar xəbərdar olub ağacların üzərinə neft tökərək yandırdılar. Xəzərlər məqsədlərinə nail olmadan geri qayıtdılar. Əbu Cəfər Mənsur, Yəzid ibni-Əsədi hüzuruna çağırıb soruşdu: – Dərbənd üzərindən xəzərlərin şərrini hansı tədbir ilə dəf etmək mümkündür? Yəzid ərz etdi: – Dərbəndin ətrafında xarab olmuş çoxlu qala vardı, əgər bunlar təmir edilib, hər birinə qarovulçular təyin edilərsə, o zaman Dərbəndin mühafizəsi asanlaşmış olar. Xəlifənin əmrilə Yəzid gəlib qalaların və yaşayış məntəqələrinin təmirilə məşğul oldu. O cümlədən, Süvar, Müta, Kemax və indi Çerkəni adlanan Süfnan qalalarını təmir etdi. Bundan başqa Dərvaq, Ersi və Hümeydi kəndlərini abad etdirib Şam, Cəzirə və Mosuldan 7000 ailə gətirib buralarda yerləşdirdi. Yəzidiyyə və Sirməkiyyə adlı iki qala da bina etdirdi. Öz qəbiləsindən bir dəstə adam köçürüb buralarda yerləşdirdi. Məqatir və Mehraqəni abad edib hər yerdə qoşun qoydu. Bu qayda ilə Dərbəndi asayiş və rahatlıq içində mühafizə edirdi, xəzərlər Qoysu çayından keçə bilmirdilər.

Hicri 170-ci (=787) ildə, Harun-ər Rəşid50 Cəyun ibni-Nəcəmi Dərbəndə hakim göndərdi və ona tapşırdı ki, bu yerin intizamını keçmişdə olduğu kimi saxlasın. Cəyun, qala və hasarın möhkəmliyinə arxalanıb zülm və əxlaqsızlığa başladı, ölkənin idarə işlərinə göz yumdu. Dərbənd əhalisinin çoxu qaçıb-dağılmağa üz qoydu. Bu xəbər Harunə yetişdi. O, Rəbiətülbahilini Dərbəndə hakim təyin etdi. Rəbiə, Cəyunu həbsə alıb, Bağdada göndərdi. Hicri 173-cü (=790) ildə, Xüzeymə ibni-Cazim Harun-ər Rəşid tərəfindən 12.000 qoşunla Dərbənd əyalətinə gəlib, hasar və burcların xaraba yerlərini təmir etdi. Bir neçə müddətdən sonra, Harun-ər Rəşid özü Dərbəndə gəlib oranın vəziyyətini yoxladı. Rubas çayından bir bənd çəkdirib şəhərin kənarına su gətirdi. Burada bağlar, bostanlar saldırdı və dəyirmanlar tikdirdi. Bunların mədaxilini Dərbənd yoxsullarına vəqf etdi. Həfəs ibni-Öməri Dərbəndə hakim təyin edərək, ona lazımi göstərişlər və nəsihətlər verib Bağdada qayıtdı. Deyirlər ki, Dərbəndin şimal tərəfində, Qırxlar darvazası qarşısında bir daş günbəz vardır. Harun-ər Rəşidin oğlu burada basdırılmışdır. Məşhur olduğu üzrə, Harun-ər Rəşidin arvadı Zübeydə xatun bint-Əbucəfər Mənsur, uzun sürən bir qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının lətafətilə məşhur… olan Təbrizdə bundan səhhət tapdı. Buna görə, hicri 175-ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da Təbriz qoydu. Bu əhvalatdan və Harun-ər Rəşidin oğlunun Dərbənddə vəfat etməsindən anlaşılır ki, Zübeydə xatun da öz ərilə bu ölkəyə gəlibmiş.

Hicri 180-ci (=797) ildə, xəzərlər hücum edib bütün Dağıstanı, Dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə, bu müharibədə 140.000 nəfər müsəlman tələf oldu. Hələ bu vaxta qədər islam aləmində belə bir hadisə görünməmişdir. Əbu Müslimin əmirliyə təyin etdiyi Məsum, Şahbal və Əmir Həmzə övladının başına bu hadisələr zamanı nələr gəldiyi məlum deyildi. İslam dinini qəbul edən Dağıstan tayfaları da xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində Fərruxzad Əxşican oğlu51 hökmran idi. Bakıda Bibiheybət kəndində, onun əmrilə bina edilmiş bir məscid üzərindəki kitabədə onun ləqəbi: – «əmirülmömininin yardımçısı böyük sultan» deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş. Bundan sonra Filanşah hökmranlıq etmişdir.

Hicri 210-cu (=826) ildə, Bəyləqan tərəflərdə, atəşpərəstlərdən Babək adlı bir nəfər meydana çıxdı. O, atəşpərəstlik məzhəblərindən Xürrəmgiş adlı bir məzhəbin əsasını qoydu. Bu məzhəb… Məzdək dininin əslini yeni bir şəklə salmaqdan başqa bir şey deyildi. Babək öz başına çoxlu tərəfdar topladı… Ardı-arası kəsilməyən müharibələrlə Azərbaycanı ələ keçirib Həmədan və İsfahanı da fəth etdi. Mötəsim52 xəlifə İshaq ibni-Müsəəbi çoxlu qoşunla İraqi-Əcəm hüduduna göndərdi, İshaq onlardan 60.000 nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi. Axırda, hicri 221-ci (=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın ləqəbli Heydər ibni-Kavus, saysız bir qoşunla Babəki dəf etməyə təyin edildi. Müharibə iki il davam etdi. Babək məğlub olub, bir neçə nəfərlə Ermənistana, Səhəl Sunbat oğlunun yanına qaçdı. Aqşın etimad etdiyi bir nəfəri 4.000 qoşunla Babəki tələb etmək üçün göndərdi. Səhəl Babəki qolu bağlı Aqşının yanına gətirdi. Səhəl təltif edildi. Babək də Bağdada göndərilib orada böyük bir əziyyətlə öldürüldü. Ehtimala görə, Azərbaycan sözü «Azər-Babəkan» sözünün ərəbcələşdirilmiş şəklidir. Azərbaycan bunun və ya başqa bir Babəkin adından alınmışdır. Məşhur olduğu üzrə, atəşpərəstlik dini bu ölkədə zühurə gəlmiş və yayılmışdır. Riyazüssəyahə53 müəllifi Azərbaycanı Azərbayəganın ərəbcələşmişi sayır. Bu da qədim fars dilində atəşgah mənasındadır.

Xülasə, bu yol ilə Azərbaycan və Ermənistan ölkələri, yenə xəlifənin ixtiyarına keçdi. Muğanda xaraba qalmış Bərzən şəhərini Aqşın abad etdi, indi yenə viran bir haldadır. Hicri 230-cu (=845) ildə, Mötəsimin oğlu Vasiq-Billahın54 xilafəti dovründə, Filanşahi Şirvani itaətə gəldi, Dərbənd də xəlifənin təsərrüfünə keçdi. Hicri 270-ci (=884) ildə Mötəmid55 xəlifənin hökmü ilə Bakı neft və duz mədənlərinin mədaxili, Dərbənd mühafiz və əhalisinə maaş təyin olundu. Məhəmməd ibni-Əmmar təhvildar idi, hər il mədənlərin mədaxilini təyin edilən miqdar ilə təqsim edirdi.

Hicri 290-cı (=903) ildə Haşim adlı bir nəfər Dərbəndə hakim gəldi. Müktəfi56 xəlifə qəramitələr ilə hərb etməkdə idi, xilafət işlərində də bir çox qarışıqlıq hökm sürməkdə idi. Haşim istifadə edərək bütün təyin edilmiş maaşları, mədənlərin mədaxilini və Dərbənd əhalisinə yetişəsi olan kənd məhsullarını özü mənimsədi. Dərbənd əhalisi naçar qalıb, alver və qəsbkarlıqla məşğul oldu. Əxlaqsızlıq onların arasında yayıldı. Xəzərlər yenə gəlib, Dərbəndi almaq üçün çox çalışdılar. Müsəlmanlar xaricdən və daxildən hücum edərək onları məğlub etdilər. Bu zaman Rus tayfası, Xəzər padşahından icazə alıb, 500 gəmidə 50.000 qoşunla Atil çayından Xəzər dənizinə girdi. Bu şərtlə ki, ələ keçirəcəkləri qənimətləri onunla bölsünlər. Onlar Mazandarandan başlayıb Dərbəndə qədər, dəniz sahillərində olan şəhər və qəsəbələrdən bir çox qənimətlər əldə etdilər. Dəniz sahilində yaşayan əhali isə xəzərlərin gəmiləri olmadığını bildiyindən, belə bir təhlükəni gözləmirdi.

Əbülqasim Yusif ibni-Əbüssac, xəlifə Müqtədir-Billah57 tərəfindən, hicri 296-cı (=909) ildə 306-cı (=919) ilə qədər – on il – Ermənistan və Azərbaycan valisi idi. Şirvan da onun hökmü altında idi. O, öz cəmiyyətini toplayıb, Şirvan vilayətinə daxil olan Əli ibni-Heyşəm tərəfindən idarə edilən neft mənbəi sahilinə, yəni Bakıya gəldi.

Ruslar, bundan sonra, Bakıya yaxın adalarda sakin olmuşdular. Onların bu adalarda sakin olmasına aid bəzi izlər indi də mövcuddur…

Hicri 332-ci (=944) ildə, Məsudi bu əhvalatı yazdığı halda, İbn-əl Əsir58 öz tarixində bundan bir kəlmə də olsun bəhs etməmişdir. Lakin İbn-əl-əsir deyir: Rus tayfası hicri 332-ci (=944) ildə, Ərranın paytaxtı olan Bərdə şəhərini almaq üçün qayıqlarla dənizdən və Kür çayından keçib gəldilər. Buranın hakimi 5.000 nəfər qarşıya çıxdı və məğlub olaraq geri qayıtdı. Ruslar Bərdəni alıb, əhaliyə aman verdilər. Əhali müxalifət göstərdi, ruslar bir həftə içərisində şəhəri boşaltmağı onlara əmr etdilər… Mərzban ləqəbi ilə məşhur olan Azərbaycan valisi Məhəmməd ibni-Müsafir, 30.000 nəfər qoşunla gəldi. Ruslar bir ildən artıq burada qaldılar, sonra Mərağəyə səfər etdilər. Bu səfər əsnasında çoxlu meyvə yediklərindən, aralarına şiddətli xəstəlik düşür. Mərzban bu dəfə hiylə ilə müharibəyə başladı, azacıq müqavimətdən sonra qaçmağa üz qoydu. Ruslar da onları təqib etməyə başladılar. Mərzban qayıdıb hücum etdi və pusquda qoyduğu qoşun da, rusların arxasına keçdi… Bu hadisə münasibətilə qoşunla Səlmas nahiyəsinə gedən Mərzban, Şəhristanı mühasirə etmək üçün bir dəstə qoşun qoydu. Ruslar bir gecə dəyərli şeylərini çiyinlərinə alaraq, özlərini Kür çayı kənarına yetirdilər və qayıqlara minib vətənlərinə qayıtdılar.

Müəllif deyir: Ehtimala görə, bu iki hadisə haman bir səfər əsnasında vaqe olmuşdur. Lakin müəlliflərin aldıqları xəbərlər müxtəlif olduğundan, bir-birinə zidd olaraq yazılmışdır. Məsudinin yazdığına görə, hicri 332-ci (=944) ildə, Əbdülməlik adlı bir şəxs Dərbənddə, qardaşı oğlu da Təbərsəranda hökmran idi.

Bundan sonra, islam ölkələrində get-gedə qarışıqlıq və hərc-mərclik baş verdi. Bağdad xəlifələri öz qoşunlarının öhdəsindən gələ bilmədilər. Bu ölkənin işləri də nizamdan düşdü, Dərbəndə tabe olan qalalar və kəndlərdə də üsyan qalxdı. Dağıstan əmirləri isə bir-birilə müxalifətə və qovğaya başladılar. Mərdavic ibni-Ziyad sülaləsinə mənsub və Gilanın qədim hakimləri nəslindən olan Deyləm padşahları, hicri 315-ci (=927) ildə, Təbərsəranda xüruc etdilər. Bunlardan 6 nəfəri İran vilayətlərində bir çoxunda 150 il hökmran olmuşlar. Məlum olduğu üzrə, onlar bu tərəflərə də əl atmışdılar. Çünki bu sülalənin ikinci padşahı olan və hicri 323-cü (=935) ildən başlayaraq 33 il hökumət sürən Şəmkir ibni-Ziyad, Gəncə yaxınlığındakı Şəmkir şəhərini öz adına bina etdirmişdi. Şəhərin asarı: məscid güldəstəsi olan ikiqapılı uca bir minarə, körpü və qala xarabası indi də qalır. Bu şəhər Əmir Teymur Kürəkən dövründə və ondan sonrakı dövrlərdə də abad idi.

Axtınamədə deyilir: xəzərlər Şirvanı istila etdikləri zaman, öz əmirlərindən Səmsam adlı bir şəxsi, bir dəstə ilə indiki Mikrağ kəndinin yerində sakin etdilər. Şam əhlindən Əmir Kağı adlı bir şəxsi də ona vəzir təyin etdilər. Səmsama kömək olmaq üçün xəzərlər Samur çayının sol kənarında başqa bir şəhər də saldılar. Tərsa dedikləri bu şəhər əhalisini indiki Qızlardan gətirmişdilər. Səmsam, Şəhbani qalasını almaq və Şəhbani nəslindən olan bu yerin əmiri Dərvişaini tələf etmək istəyirdi. Dərvişai 3000 əşrəfi göndərib Tərsa əmirlərini özünə tərəf cəlb etdi. Səmsam üç dəfə bu qalanı mühasirə etdisə də, məqsədinə çatmadan qayıtdı. Birinci dəfə mühasirənin müddəti bir ay çəkdi. Qala əhli üçün Axta çayından su gətirmək çətin idi, buna görə də, onlar suyu çox əziyyətlə Samur çayından gətirirdilər. Səmsam qayıdandan sonra, Dərvişai üç ayın müddətində qaladan Axtı çayına örtülü bir yol çəkdirdi. Yolun və yol üzərindəki burcun asarı indi də qalır. İkinci dəfə mühasirənin müddəti altı ay davam etdi, lakin qaladakılar darlıq çəkmədilər. Səmsam üç ildən sonra, üçüncü dəfə olaraq yenə gəldi. O, bu dəfə yuxarı tərəfdən gəlib qalanın yanında yeddi il dayandı. Dərvişai çarəsiz qalıb Tərsanın əmirlərini və Rütul, Cınıq və Rüfuqun təcrübəli adamlarını köməyə çağırdı. Yeddi ay da bu müharibə davam etdi. Hər iki tərəfdən çox adam öldü. Dərvişainin oğlu Şah Qasım da bu müharibədə məğlub olub, öldürüldü. Axırda Səmsam məğlub olub geri qayıtdı və 15 il sakit olaraq öz yerində oturdu. Bir gecə Səmsam öz qoşunu ilə qəflətən Tərsa kəndi üzərinə tökülüb əhalini qırdı. Mal və əyallarını qarət və əsir edib apardı. Bundan doqquz il keçdi, Dərvişai Dərbəndə, Əbu Müslimin yanına gəlib, ondan kömək istədi, Əbu Müslim də öz bacısı Ümmülmöminatı, müsəlman olan Dərvişaiyə verdi, onu qoşunla bərabər göndərdi ki, gedib Səmsam şəhərini alsın və xəzərlərin kökünü kəssin. Müharibə yeddi ay uzandı, heç bir nəticə əldə edilmədi.

1
  Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.


[Закрыть]
2
  Uyğun, müvafiq.


[Закрыть]
3
  Pakt, saziş.


[Закрыть]
4
  Əsər, kitab.


[Закрыть]
5
  Üstünlük, layiqlik, mükəmməllik.


[Закрыть]
6
  Layiqlilik, üstünlük.


[Закрыть]
7
  Qaynaq.


[Закрыть]
8
  Müqavilə, pakt, saziş.


[Закрыть]
9
  Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-tarixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsəridir.


[Закрыть]
10
  Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cümlədən rus dilinə də tərcümə olunmuşdur.


[Закрыть]
11
  Əmin-Əhməd Razi – «Həft-iqlim» adlı məşhur əsərin müəllifidir. Bu əsər köhnə üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetişmiş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır.


[Закрыть]
12
  Çamçiyan – XVIII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərdən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» bu əsəri, üç cilddən ibarət olaraq 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdur.


[Закрыть]
13
  Məsudi – ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və 346-cı (=957/8)ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Mürucüzzəhhəb» adlı kitabdır.


[Закрыть]
14
  Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani – XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aid bəzi əsərləri vardır. «Risaleyi-Rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmışdır.


[Закрыть]
15
  Dağıstanda mənsəb və vəzifə, canişin mənasında işlənib. Vergi, xristian və yəhudilərdən cizyə, müsəlmanlardan da zəkat yığan.


[Закрыть]
16
  Avar xanı.


[Закрыть]
17
  Bətləmyus (Ptolomey) məşhur Yunan riyaziyyatçısı və astronomlarındandır, II əsrin birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənistan haqqında da məlumat vardır.


[Закрыть]
18
  Şərqdə yetişən ən məşhur tarixçilərindən Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünün sonlarında yazılmış ən mühüm tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır.


[Закрыть]
19
  «Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özü də məşhur tarixçilərdəndir. 1475-ci Heratda anadan olmuş və 1535-ci ildə Gücəranda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən böyük və ən qiymətlisi «Həbibüssiyər» adlı kitabıdır. Xandəmir «Həbibüssiyər» də dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri təsvir edir.


[Закрыть]
20
  Ammian Martsellin – Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. «Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. Ammian Martselinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.


[Закрыть]
21
  Yaqut Həməvi – 1178 və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan» dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.


[Закрыть]
22
  Herodot – ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ticarət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi üçün olduqca qiymətlidir.


[Закрыть]
23
  Qatterer – alman tarixçisidir. 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan Ümumdünya tarixi» adlı kitabıdır.


[Закрыть]
24
  Prokopi – yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən məşhur tarixçisidir.


[Закрыть]
25
  Dekin – fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların. türklərin, moğolların və sair tatarların ümumi tarixi» adlı kitabıdır.


[Закрыть]
26
  Katib Çələbi – məşhur şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.


[Закрыть]
27
  Plini – məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin «Təbii tarix» adlı əsərində Azərbaycan Tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır.


[Закрыть]
28
  Strabon – məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri «Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. Strabon əsərlərini Pompeyi Azərbaycana olan yürüşləri zamanında, romalıların topladıqları məlumat əsasən tərtib edib.


[Закрыть]
29
  Karamzin – Karamzin Nikolay Mixayloviç – məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş və 1826-cı ildə vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki ciddlik əsərin müəllifidir.


[Закрыть]
30
  Məhəmməd ibni Cərir Təbəri – IX əsrin ən məşhur tarixçisidir. Hicri 224-cü (=838/39) ildə Təbəristanın Amül şəhərində anadan olmuş və 310-cu (=923) ildə Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəlmüluk» və eyni zamanda «Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» və «Tarixi-Təbəri» adı ilə də məşhur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır.


[Закрыть]
31
  Həmdulla Mustovfi Qəzvini – elxanilər dövründə yetişən məşhur tarixçilərdən biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50) ildə vəfat etmişdir. Həmdullah biri coğrafiyaya və ikisi tarixə aid olmaqla üç əsər yazmışdır. Bunlar da: «Nüzhətülqülub», «Tarixi-güzidə» və «Zəfərnamə» adlı əsərləridir. Onun ən mühüm əsəri «Tarixi-güzidə» sidir.


[Закрыть]
32
  «Xülasətüləxbar» – Xandəmirin əsəridir. O, babasının «Rövzətüssafa» adlı əsərini ixtisar edərək «Xülasətüləxbarı» yazmışdır.


[Закрыть]
33
  Şərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçisidir. Yəzd şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış olduğu «Zəfərnamə», Teymurun tarixi hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə» sidir. Bu kitab Teymur zamanında və onun əmrilə yazılmışdır. İkinci də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə» sidir. Hatifi, «Teymurnamə» adı ilə də adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir.


[Закрыть]
34
  «Kitabi-Məsalikülməmalik» – hicri III (IX) yetişən məşhur ərəb coğrafiyaçısı İstəxrinin əsəridir. Coğrafiyaya aid «Kitabülməsalik vəlməmalik» adlı iki kitab daha vardır ki, biri İbn-Xordadbeh, ikincisi də İbn-Hövqəl tərəfindən yazılmışdır.


[Закрыть]
35
  Xalq arasında «Xızır-zində»şəklində tələffüz olunur.


[Закрыть]
36
  Kvint Kurtsi – Roma tarixçisidir, ehtimala görə, I əsrdə yaşamışdır. Yunan mənbələrinə əsasən Makedoniyalı İskəndərin tarixini yazmışdır.


[Закрыть]
37
  Fəxrəddin Razi – Şərqdə yetişən böyük alim və filosoflardan biridir. Hicri 554-cü (=1159) ildə Rey şəhərində anadan olmuş və 606-cı (=1209/10) ildə Heratda vəfat etmişdir. Müxtəlif elmlərə aid bir çox əsərlər yazmışdır.


[Закрыть]
38
  Qazi Beyzavi – tarixçi olmaqdan artıq bir təfsirçi kimi şöhrət tapan Beyzavi, İranin Beyzavi şəhərində anadan olmuş və hicri 685-ci (=1286/87) və ya 691-ci (=1291/92) ildə vəfat etmişdir. Müxtəlif mövzularda yazmış bir çox əsəri vardır. Əsərlərini ərəb dilində yazan Beyzavi, yalnız «Nizamüttəvarix» adlı tarix kitabını fars dilində yazmışdır. Bu kitab, dünyanın yaradılışından hicri 674-cü (=1275) ilə qədər olan hadisələri təsvir edir.


[Закрыть]
39
  Plutarx – məşhur yunan tarixçisidir, 46-cı ildə anadan olmuş və 120-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Müqayisəli tərcümeyi-hallar» adlı kitabıdır.


[Закрыть]
40
  Tatsit – məşhur Roma tarixçilərindəndir, I əsrin ikinci yarısında anadan olmuş və II əsrin birinci rübündə vəfat etmişdir.


[Закрыть]
41
  Ömər ibni-Vərdi – Hicri 690-cı (=1291) ildə Suriyada anadan olmuş və 749-cu (=1349)ildə Hələb şəhərində vəfat etmişdir. «Xəritətüləcaib» dən başqa dil, ədəbiyyat, hüquq tarix, fəlsəfə və təsəvvüfə aid bir çox əsər yazmışdır.


[Закрыть]
42
  İbn-Hovqəl olmalıdır. İbn Hovqəl – Hicri IV (=X) əsrin ən məşhur səyyahlarından biridir. «Kitabülməsəlik» adlı əsəri gəzdiyi və gördüyü yerləri təsvir edir.


[Закрыть]
43
  Ömər ibni-Xəttab – Xüləfayi-raşidindən ikinci xəlifədir (13–23=634–644).


[Закрыть]
44
  Osman ibni-Əbdülməlik – xüləfayi-raşidindən üçüncü xəlifədir (23–35=644–656).


[Закрыть]
45
  Vəlid ibni-Əbdülməlik – əməvilərdən altıncı xəlifədir (86–96=705–715).


[Закрыть]
46
  II Yəzid ibni-Əbdülməlik – əməvilərdən doqquzuncu xəlifədir (101–105=720-724).


[Закрыть]
47
  I Hişam ibni-Əbdülməlik – əməvilərdən onuncu xəlifədir (105–125=724-743).


[Закрыть]
48
  Əbül-Abbas Səffah – abbasilərdən birinci xəlifədir (132–136=750-754).


[Закрыть]
49
  Əbu Cəfər Mənsur – abbasilərdən ikinci xəlifədir (136–158=754-775).


[Закрыть]
50
  Harun-ər Rəşid – abbasilərdən beşinci xəlifədir (170–193=786-809).


[Закрыть]
51
  Mətndə yanlışlıq var, Fərruxzad Əxsiman oğlu olmalıdır. Kəsrani şirvanşahlar sülaləsinə mənsubdur.


[Закрыть]
52
  Mötəsim-Billah – abbasilərdən səkkizinci xəlifədir (218–227=833-842).


[Закрыть]
53
  Riyazüssəyahə – məşhur Azərbaycan alim və səyyahı Hacı Zeynalabdin Şirvaninin əsəridir. O, hicri 1194-cü (=1780) ildə Şamaxı şəhərində anadan olmuşdur.


[Закрыть]
54
  Vasiq-Billah – abbasilərdən doqquzuncu xəlifədir (227–232=842-847).


[Закрыть]
55
  Mötəmid – abbasilərdən on beşinci xəlifədir (256–279=870-892).


[Закрыть]
56
  Müktəfi-Billah – abbasilərdən on səkkizinci xəlifədir (289–295=902-908).


[Закрыть]
57
  Müqtədir-Billah abbasilərdən on səkkizinci xəlifədir (295–320=908-932).


[Закрыть]
58
  İbn-əl Əsir-məşhur ərəb tarixçisidir, hicri 555-ci (=1160) ildə anadan olmuşdur. Onun adını Şərq və Qərb aləmində şöhrətləndirilən «Əl-kamil fittarix» adlı kitabıdır.


[Закрыть]

Bepul matn qismi tugad.

5,0
2 baho
14 508,08 s`om
29 016,15 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
332 Sahifa 4 illyustratsiayalar
ISBN:
978-9952-8450-8-2
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar