Kitobni o'qish: «Xoşbəxtlər arasında yaşamaq»

Shrift:

Atamin ayaqlari
(hekayə)

Bir Qarabağ qazisinə…


“Tapp!..”

Yuxu aparıbmış, küt səsə diksindim. Əvvəl elə bildim yer tərpəndi, damın köhnə dirəkləri uçub yerə töküldü. Onsuz da amanabənd evimiz cüzi yer silkələnməsinə tab gətirməzdi. “Bir gün uçub başımıza töküləcək!” – deyirdi anam. Köhnə idi, təmirsiz. Müharibə başlamasaydı, atam əl gəzdirib abıra salacaqdı. Belə getsə abıra salınası heç nə qalmayacaq. Yaxşı ki sənədləri qaydasındaydı, yoxsa bank girovla kreditverməzdi. Buna da şükür…

Durdum, kəllə otağa yüyürüb işığı yandırdım. Şükür, dam uçmamışdı. Amma atam yerində yox idi. Ürəyim əsdi. Boş çarpayıya yaxınlaşmağa cəsarət etmədim. “Ata… ay ata… har-da-san?” – pıçıldaya bildim. Səsim elə eybəcər çıxdı ki, lap özüm iyrəndim. Bilmirəm belə vəziyyətdə niyə vahimələnirəm. Anam hər dəfə gecə növbəsinə gedəndə: “Ayıq yat, qulağın otaqda olsun” – deyib bərk-bərk tapşırmağından gözümün yuxusunu qovurdum. Yatağanam. Neçə dəfə demişəm ki, nolar, ana evdə olmayanda qoy böyründə uzanım, bir şey istəyəndə, dümsüklə, duracam, razı olmayıb.

Döşəməyə sərələnmiş yorğanın altından başını qaldırdı. Bir xeyli gözlərimin içinə baxdı. Heç nə olmayıbmış kimi çarpayının kənarına dirsəklənib dartındı, altdan-altdan, fağır-fağır üzümə baxdı. Gözlərindəki kədəri gizlətməyə çalışırdı. O belə baxanda az qala bütün dünyanı lənətləmək, qurban olum, elə baxma, demək istəyirdim! “Səni zəlil qoyanın evi yıxılsın!.. Dava qızışdıran, görüm, əziz balan qabağına döşənsin! Heç ağ gün görməyəsən!” – Anam hər dəfə bu ağır qarğışları yağdıranda anlamaq olmurdu kiminlədi, hər dəfə üzünü naməlum istiqamətlərə tutub ağızdolusu qarğıyır, deyinir, bir də boğazını qəhər boğanda hönkürüb sakitləşirdi. Sakitləşirdi ona görə ki, sözü nəm havaya qarışıb dörd divar arasında qalır, çölə ayaq açmırdı, onsuz da qarğış sahibinə çatmırdı – kar olmuşdu…

– Qorxma, – dedi.

Əvvəlcə büzüşmüş döşəkağını sahmanladım, yorğanı yerdən yığışdırıb çarpayının üstünə atdım.

– Qorxmuramki, – deyib ona yaxınlaşdım. – Sən… sən burdasan…

İndi gördüm, alnı döşəməyəmi, dolabın tininəmi dəyib, azca göyərib şişmişdi. “Bircə bu çatmırdı.” Elə istəyirdim ki, beş-on yaş böyük olam, belinə girib qucaqlayam, göz qırpımında qaldırıb çarpayısına qoyam! Əllərimi uzadanda gücüm çatmayacağını duyub qollarını boynuma doladı, mənə sarı dartındı, ya Allah deyib var gücümlə onu yuxarı qaldıra bildim. Ağırdı. Boğuq səslə ufuldadı. İlahi, ikimizdə bir boydayıq ki?! Çarpayıya uzatdım, başını yastığa söykəyəndə ah çəkdi… Onu özüm kimi balaca, aciz və köməksiz görmək istəmirdim. “Əvvəllər daha məğrur, cəsur görünərdi!” Gözlərim doldu. Fikirləşdim, görəsən neçə il yaşamalıyam ki, onun itirdiyi ayaqları boyda böyüyəm…

Hamama cumdum, təmiz dəsmal isladıb otağa qayıtdım, alnındakı şişin üstünə qoyub:“İndi keçər,” – dedim. Məmnun göründü. Nəsə demək istədi, amma susdu. Əvvəldən çox danışan deyil atam.

– İncidir?

Başını tərpətdi, “hə”. Mən alnını soruşuram, o isə sağ əliylə ayaqlarının kəsilmiş yerini ovuşdura-ovuşdura deyir:

– Sızıldayır…

İki il keçib əməliyyatından, amma ayaqsız olduğuna öyrəşə bilmir. Mən də. Kim öyrəşər ki? Ayaqla doğulasan, otuz yeddi il üstündə yeriyəsən və bir gün… mərmi qəlpələri ayaqlarını parça-parça edə. Neçə döyüş yoldaşının tikəsi də ələ gəlməyibmiş. “Buna da şükür” deyirdi hamı. Təsəlliyə bax!.. Həkimlər vaxtında ayaqlarını dizqapağından iki barmaq aşağıdan kəsməsəydi, qanqrena olacaqmış, yəni çürüyəcəkmiş.

Neçə ay hospitalın yolunu ölçdük. Anam hara, mən də yanıyca. Qabağa düşən, dərdimizə yanan kimsəmiz yox idi. Yarası gec sağalırdı. İynə-dərman baha, pul çatmırdı. Bir yandan da qonşu dükanların nisyə dəftərinə ad yazdırmaqdan xəcalət çəkirdi anam. Həyətin bir küncünə qısılıb ağlamağı bir yana, nisyə aldığı ərzaqları evə gətirənə kimi ölüb-dirildiyini dəfələrlə görmüşəm. Küçədə dükançılarla üz-üzə gələndə başını aşağı salıb ötürdü, elə bilirdi indicə salam verib borcu istəyəcəklər. Bəzi dükançılar, sağ olsun, atama görə hörmət edib pul götürmür, inşallah, sağalar, ayaqa durub işləyər, borclu qalmaz deyə ürək-dirək verir, bəziləri “dəftərə yazın” eşidəndə ağız büzürdü. Hiss edirdim ki, ağız büzənlərin də bizə yazığı gəlir. Bəzən düşünürdüm ki, yəni atam ancaq mənə, anama görə ayaqlarını itirib? Çoxlarına qismət olan firavanlıqdan bizə ovuc içi boyda pay düşməmişdi.

Gecələr sübhə kimi dözülməz ağrılardan ufuldayanda, əlli-ayaqlı kişilərlə rastlaşmasın deyə küçəyə çıxmayanda, təbii ehtiyacını ödəmək üçün altına qab qoyulanda, çiməndə… necə əzab çəkdiyini görüb bu dünyaya necə nifrət etməyəsən? Görəsən bəla yanından ötən bəxtigətirənlər nədən özgələrə qarşı biganədirlər? Bəxt həmişə gətirmir axı?!

Yəqin ki, atam əlil olmasaydı qaçıb dünyanın o başına gedərdim. Hara olur olsun! Mənə elə gəlirdi ki, olmadığım, görmədiyim yerlərdə insanlar daha azad, daha xoşbəxt yaşayır…

Sən demə sevincin, kədərin də rəngi, dadı olurmuş! Onları atamın üz cizgilərində görüb tanımışam. Uşaqkən boynuna mindirib otaqboyu fırladanda, yıxılmayım deyə gur saçlarından bərk-bərk tutanda istər-istəməz boynumu əyib onun üzünə baxar, dünyanın ən bəxtəvər atası olduğunu işıq kimi yanan gözlərindən, şaqraq gülüşlərindən, qollarımı sıxan güclü biləklərindən hiss edərdim. Onda atam xoşbəxt idi! Kədər sonralar gəldi və onu mən də tanıdım. Evimizə sevinc yerinə kədər adlı sırtıq, üzlü qonaq gəlmişdi, getmək istəmirdi…

Arada başqa qonaqlarımız da gəlirdi; hündür ağ, qara “cip” lərdə. “Qızıl aypara” dan, hansısa partiyadan, bir dəfə də televiziyadan gəlmişdilər. Atama dedilər ki, verilişin sponsoru, – tanınmış adamdı, – sizin üçün ən müasir protez ayaqların alınmasına yardım edəcək. Son döyüşdən, dostlarından danışdı atam. Rejissor kövrəlmişdi, iki dəfə ürək dərmanı içdi. Aparıcı qız son sualını verdi ki, əmi, inşallah, ilk dəfə ayaq üstə sərbəst dayananda nə etmək istərdiniz? Yəqin ürəyinizdən çox şeylər keçir?.. Atam çox fikirləşmədi. Elə bil sualı çoxdan gözləyirmiş, cavab verdi: “Rəqs edəcəm!” Hamı heyrətlə gülümsədi, inşallah dedi. Anam, öz toyunda belə əl qaldırıb oynamayan atamın cavabına təəccüblənsə də, arzusuna çatacağı günə qurbanlıq əhd elədi.

Televiziya işçiləri gedərkən bildirdi ki, həftəiçi vətənpərvərlik verilişində göstəriləcək, mütləq baxın.

Heç yadımdan çıxmaz, səhərdən axşamacan, düz iki həftə televizorun qənşərindən qopmadıq. Verilişlərin heç birindən vətənpərvərlik iyi gəlmirdi. Anam dedi, bəlkə, kanalı səhv salırıq. Allah bilir, göstəriblər, ötürmüşük… Boyat xəbərlər, təkrar-təkrar hava proqnozu, müğənnilərin qayğısız, dəbdəbəli həyatı, yeyib-içmək məclisləri, şit-şit əyləncələrdən, seriallardan savayı heç zad göstərilməyən həmən kanal atamı yaman məyus etmişdi. Onu göstərmədiklərinə görə yox ha, o boyda kanalın dərdimizə, problemlərimizə beş-on dəqiqə yer ayırmadığına görə. Neçə gün dinib-danışmadı. “Tfuu!.. Balaca gədə (rejissoru deyirdi) necə şeyinə doladı bizi?!” deyib, anama tapşırdı ki, televizoru otaqdan çıxartsın. Və o vaxtdan biz televizordan “küsdük”.

Atam daha davadan söhbət açmadı…

Evimizi girov qoyub kredit götürəndən sonra borcların çox hissəsini ödədik. Anam bir qucaq sənəd toplayıb atamın pensiyasını düzəltdirdi. “Qan puludu bu, qanpulu!” – anam hər dəfə pensiyanı alanda əlləri titrəyə-titrəyə pulu atamın ovucuna basır, sanki baxışlarıyla deyirdi:“Olmayan ayaqlarına baxa-baxa bu pula alınan çörəyi necə yeyə bilərəm? İrinə-qana dönər ki?!” Neçə dəfə görmüşəm, atam inadla pulları geri itələyib, səsi titrəyə-titrəyə, “borcları vaxtında qaytar ki, qapıma o-bu gəlməsin” – deyirdi…

Bərpa mərkəzində ələngə bir əlil arabası vermişdilər. Allah bilir neçənci ildən qalmaydı. “Bundan Xruşşovun iyi gəlir ki.” – demişdi anam. Kim olduğunu bilməsəm də, başa düşmüşdüm ki, yaxşı adam olmayıb Xruşşov… Bayır-bacağa çıxmağa yararlı olmasa da, küçənin tininəcən apara bilirdim, əsasən də camaatın əl-ayağının çöldən kəsilən vaxtlarda. Atam, dizdən aşağı içi boş şalvarının balağını külək yelləyəndə əlləriylə elə tuturdu ki, kənardan baxan yad baxışlar onun ayaqsız olduğunu bilməsin… Bilinirdi…

Doqquz aydı protez ayaqları gözləyirik. Oğlu kantujenni qonşumuz Ağasadıq əmi “pul verməsən, ayağları gözləmə, nemesdər dəqiq millətdi, söz versəydilər, çoxdan göndərərdilər” deyib anamın başını doldururdu. “Zalım uşağı, öyrəşib, medsestrasından qlavvraçınacan xəstə, özü də ağır xəstə görəndə, elə bil çiçəkləri çırtlayır, əllərinin içi qaşınır. Oğluma görə maşınımı satmasaydım dəlixanalıq edəcəkdilər uşağı. Allahımız haqqı, düz deyirəm, yiyəsi olmayan xəstənin vay halına! Əşi, qapıçısı da rüşvət alır ee!..” – Bunu da o deyirdi. Çoxu danışırdı ki, Ağasadıq əmi həyatda pisdən başqa heç nəyi görmür. Bəlkə görmək istəmir. Amma anam başıyla onun sözlərini təsdiq edəndə anlayırdım, deməli, pis yaxşıları üstələyib ki, gözə girir…

Deyəsən Ağasadıq əminin proqnozu düz çıxmadı. Mərkəzdən anama zəng eləmişdilər ki, iki günə protezlər gəlir. Anam elə sevinirdi, sanki, şəhərin mərkəzində beş otaqlı mənzilə order vermişdilər!..

– Ayaqyoluna istəyirdin, ata? – Qəfil soruşdum. Dinmədi. Baxışlarını gizlətməyə çalışırdı. Əlacsızlığından, möhtac olduğundan darıxırdı, sıxılırdı məncə. Əlbəttə, arabaya mindirib ayaqyoluna apara bilərdim. Bəs sonra? Sonrasını anam yaxşı bilirdi. Birdən çarpayının altına qoyduğu qab yadıma düşdü. Yəqin onu qaldıranda yıxılıbmış. Əyilib götürdüm.

– Niyə çağırmırdın? – Cavab vermədi. Məcburi, könülsüz gülümsədi. Bir böyrü üstə çevrilib şalvarının zəncirbəndini açanda başıyla işarə elədi ki, üzünü çevir. Utanırdı. Qabı özünəsarı çəkəndə uzaqlaşdım. Çox çəkmədi ki, isti sidik iyi otağa yayıldı…

On dəqiqə qapı dalında gözlədim; qoy rahatlansın. “Bircə anam tez gələydi!”

İstəklərini anamdan yaxşı kim bilərdiki? Evdə olanda atamı uşaq kimi qucağına alıb divanın bir küncündə oturdar, özü də böyrünə qısılıb dərdləşərdilər. Belə vaxtlarda otaqdan çıxardım; qoy xısınlaşsınlar. Neçə dəfə hiss etmişəm ki, onu stula, ya da divana əyləşdirəndə atam anamın belinə sarılaraq pıçıldayıb: “Nolar, heç yana getmə, yanımda qal.” Gecə növbəsinə hazırlaşanda da, “bəlkə getməyəsən?” – deyirdi. Bunu başqa yerə yozur, onları birlikdə buraxıb bir bəhanəylə evdən çıxır, məhəllədə veyillənirdim. Sonralar başa düşdüm ki, hər dəfə anam işə gedəndə atam qorxurmuş. Onu atacağından, bir daha geri dönməyəcəyindən qorxurmuş. Tənha qalmaqdan, küçələrdə insanların gur yerində kəsik ayaqlarını nümayiş etdirə-etdirə dilənməkdən qorxurmuş.

Bilirdim ki, onun gecə növbəsində işləməsi atamı çox darıxdırır. Yuxusu gözündən tökülsə də yatmırdı, anam evə qayıdanacan rahatlanmırdı. O qapıdan girəndə qonur gözləri parıldayırdı. Dava başlayana qədər işləməsinə razı olmamışdı. Ev-eşiyə, uşağa, özünə bax, bəsdi, hələ ölməmişəm, deyərdi. İndi də ölməmişdi atam, ancaq anam işləyirdi; gündüzlər varlıların evində sil-süpürdə, gecələr də çörək sexində. Gecə növbəsində ikiqat pul verirlər, deyirdi, dörd çörək də əlavə. Çörəyin üçünü qonşu Zəhra xalaya satırdı, biri qalırdı bizə.

Bir-iki həftə qabaq atam, işlədiyi məmur evindəki şəraitdən ağızdolusu danışan anama söz vermişdi ki, inşallah, nemesski ayaqlarım çatsın əlimə, əfəl deyiləm, işləyəcəm, qəşəng kuxna mebeli, paltaryuyan, lap qabyuyan da alacam sənə. Anam:

– Təki sən ayağa dur, yeri, mən paltarı əlimlə də yuyaram, ölmərəm, – demişdi. Bu, atama ləzzət eləmiş, yanına çağırıb anamın əllərindən öpmüşdü…

…İçəri keçib qabı götürdüm, aparıb ayaqyoluna boşaltdım, su şırnağında yaxalayıb otağa qayıtdım. İcazə istəyib yanında uzandım. Duyğulu idi. Divardan asılmış toy şəklinə baxıb qüssələnirdi. Yəqin ötən xoş günlərinə qonaq düşmüşdü. Gah ona, gah da şəkilə nəzər yetirdim. Mənə elə gəldi ki, şəkildəki atam daha xoşbəxt görünürdü.

– Anan gec gələr, – dedi, – hələ saat ikidi.

– Nəsə istəyirsən? – Soruşdum.

– Hə, – cavab verdi, – bir az yuxulayaq… Həyacanlıyam, sabah ayaqlarımla görüşəcəm axı.

Dodağı qaçdı. Alnından öpüb çarpayıdan sıçradım, üstünə yorğanı atıb otağıma keçdim. Yerimdə uzanıb atamın sabahdan ömrünün sonunacan doğma sanacağı protez ayaqları barədə düşünürdüm. “Görəsən öz ayaqları kimi görünəcək?”

Qulağıma səs gəldi. Deyəsən onun çarpayısı həzin-həzin cırıldayırdı. Adətən anam evdə olanda bu cür səslər gələrdi… Maraq məni yuxumdan ayırdı. Qalxıb barmaqlarımın ucunda yataq otağının yarıaçıq qapısına yaxınlaşdım. Çarpayı həqiqətən asta-asta cırıldayırdı; onun ayaqları yorğanın altında gah sağa, gah sola hərəkət edirdi. Əgər yuxusunda mərmilər vıyıldasaydı, minalar partlasaydı belə rahat olmaz, qışqırıb ayılardı. Neçə dəfə tərin-qanın içində oyanıb qışqırdığını, saatlarla özünə gəlmədiyini görmüşdüm axı.

Xeyli gözlədim. Hələ də ayaqları hərəkətdəydi. Mənə elə gəldi ki, o yatmayıb, yata bilmir, guman ki, həyatını həmişəlik dəyişəcək sabahına “xoş gördük” demək üçün hansısa həzin melodiyanın ritminə uyğun rəqsini məşq edirdi. Bəlkə də yuxudaydı və yuxusunda uşaq idi; başının üstündə ulduzlar sayrışır, sevinə-sevinə ağappaq buludların üzəriylə asta-asta atılıb-düşür, seçdiyi nəğməsinin ritminə düşmək istəyirdi, ayaqları da özününküydü… Atam yuxusunda xoşbəxt idi.

Onu öz dünyasıyla baş-başa buraxıb yerimə girəndə fikirləşdim;” Görəsən, atamın oynamaq istədiyi sevimli havası hansıdı?”

“Ədəbiyyat qəzeti”, N-30, 11 avqust 2018ci il.

Portret
(hekayə)

…Adəti üzrə tində dayandı. Köhnə məhəllədə tanış üz görəcəyinə əmin olmaq üçün metronun “Nizami” stansiyasınacan uzanan dar küçə boyu qorxaq uşaqlar kimi biri-birinə qısılmış yastı damlı, çat vermiş boz divarlı evlərə qapı-qapı göz gəzdirdi. “Qorabişən ayın bu bürküsündə küçə-bacada kim olacaqdıki?! “ Bir az toxdayandan sonra, cibindən dəsmal çıxarıb dazını, boynunu, saqqalını sildi. Divarlarına noxud, hisə verilmiş kilkə, pivə iyi hopmuş köhnə köşkə yaxınlaşıb, çox yox, bircə bakal çəllək pivəsi içib sərinləmək istədi. Bilirdi ki, bu köşk sahibinin “pivzavod” da qohumu işlədiyir, pivəsi “ təmiz” olur. Amma bu gün bəxti gətirmədi; pivə yox idi – nə təmizi, nə su qatılmışı. Pivəsatan da boş çəlləyin üstündə bardaş qurub milçəyini qovurdu. Bazar günü olsa da günortanın cızzaq çıxaran vaxtında küçə-bacada kişilərin gözə dəyməməsinin səbəbini indi anladı, təəssüflənən satıcıya gözləməyəcəyini bildirib uzaqlaşdı.

Amansız istidən yumşalan köhnə asfaltdan qalxan qətranlı mazut iyi havanı bir az da təngidirdi. Gözləməyə, üç-dörd dayanacaq da olsa, bu istidə bişə-bişə avtobusda yol getməyə halı olmadığından ara yolların kölgəliyi ilə “Parapet” ə üz tutdu.

Bağla üzbəüz kitab mağazasının bir küncündə rəngkarlığa aid ləvazimatlar, məşhur rəsm əsərlərinə illustrasiyalar satılır. Qabaqlar orada satıcı işləmiş köhnə tanışı ona, Qogenin “Kralın arvadı” əsərinin keyfiyyətli surətini söz vermişdi.”İndilər orda olar” – fikirləşdi. Bəlkə də Qogenin indi şedevr sayılan bəzi əsərlərini Qogendən yüz dəfə yaxşı çəkə biləcəyi halda, kiminsə “yaratdığı keyfiyyətli surət “ nəyinə gərəkdi, özü də bilmirdi.

Kilsənin tinindən mağazanın qarşısında əlində bükülü, uca çinar ağacının altında var-gəl edən tanışını gördü. Yaxınlaşıb görüşdü. “Üç gündü gəlib-gedirəm, yoxsan, bir şey olmubki?” – soruşdu və tələsik bükülünü ona uzatdı ki, dediyimdi, evdə açarsan, nəvələrim gözləyir, bağa gedəcəyik, bağışla, yoxsa bir pivə vurardıq kral arvadının sağlığına…

Gülüşüb ayrıldılar.

Havadan tər və tütün qoxusu gəlirdi. Qoca rəssam saqqalını qoxuyurmuş kimi burnunu çənəsinə tərəf əydi. “Buki, mənim iyimdi?”

Ev onu kirli qab-qacaqla, həftəylə yuyulmayan pal-paltarla, gündə on dəfə çəkib bəyənmədiyi eskizlərlə bezdirsə də, yenə, yaxşı ki, hələ tarakanlar daraşmayan balaca otağına dönürdü – illərlə xəyalında yaşatdığı, nəhayət, cəsarət edib kətan üzərində canlandırdığı xallı qıza toxunmaq üçün…

O, “Xallı “ adlandırdığı portretdən özgə ömrüboyu yaratdığı, muzeylərdə, xüsusi kolleksiyalarda olan bütün əsərlərini tonqala atıb yandırmağa hazır idi! Vaxtında “getmə!” deməyə cəsarəti çatmadığı sevgilisinin portretini Qogen görsəydi, bəlkə də öz çəkdiklərini zibilliyə tullayardı! Bu özünə vurğunluq deyildi, o, əmin idi ki, “Luvr” a layiq əsər yaradıb.

Siqaret yandırıb ağaca soykəndi. Son günlər az çəkirdi. Siqareti yarıyacan sümürüb tulladı. Öskürdü. Gəlmişkən bir neçə fırça almaq üçün mağazaya girəndə, əlindəki bükülü tələsik içəridən çıxan cavan qızın iri çantasına ilişdi. Görünür qız fikirli idi və çox tələsirdi ki, qolundan sürüşüb düşən çantanı içindəki kitablar, fırçalar və yağlı boya tübikləri döşəməyə dağılanda hiss etdi.

– B-bağışlayın, mümkünsə… Günahkaram, – qoca rəssam heyfislənərək dağılan əşyalara sarı əyildi. Qız onun sümükləri, damarları üzə çıxan arıq qolundan yapışdı.

– Narahat olmayın, mən özüm…

İkisi də diz-dizə çöməlib çantanı sahmana saldılar. Qoca ayağa qalxanda, üzünə tökülən buruq saçlarını yığa-yığa minnətdarlıq edən kimi gülümsəyən qızın sifətinə elə baxdı ki, bu məftunluq, heyrət, təəccüb dolu baxış deyəsən qızı qorxutdu da. Gördüyünə inanmaq istəmədi və ona elə gəldi ki, indicə, iyirmibir il cavanlaşdı.

– Bu… bu, ola bilməz?! Yox… bu mümkün deyil! – Sanki hansısa detalı dəqiqləşdirmək üçün bir az da gözlərini qıydı. – Rica edirəm, m-məni silkələyin! Bərk-bərk silkələyin!..

Gənc qızı vahimə basdı. Günün günortasında, şəhərin mərkəzində qoca manyaka rast gəldiyini zənn etdi. İstədi qışqırsın, ətrafdan kömək istəsin, bəd ayaqda, geriyə, mağazaya qaçsın, lakin maraq qorxuya üstün gəldi. Soruşdu:

– Axı, sizə nə oldu? Mümkün olmayan nədiki? – Qız çaşıb qalmışdı. – Eeeyy… baba, bəlkə xəstələnmisiz? Təcili yardım çağırım?

Qızın sözləri qocanın qulağına çatmırdı. O, döyükmüş baxışlarıyla qızın sifətindəki tanış cizgiləri sərbirah etdikcə iyirmibir ildi yaddaşından qopmayan mələyin canlı simasını bu isti yay günündə yenidən görməyi ona bəxş edən Allahına şükr etdi.

Birdən, yuxudan diksinib ayılan adam kimi harda olduğunu anlamağa çalışdı. Aldığı fırça, yağlı boyalardan qızın rəssam olduğunu, ya olacağını güman edib ərklə, yüz ilin tanışı kimi qızın zərif qolundan tutdu və sevincini gizlətmədən, ucadan qərarını dedi:

– Siz onu mütləq görməlisiz! Mütləq!..

Qız “nəyi?” – soruşmaq istədi, amma sual boğazında quruyub qaldı.

– Tələsmirsizki?.. Xahiş edirəm… etiraz etməyin.

Qoca rəssam elə bil qızı ovsunlamışdı. Əmin idi ki, onunla razılaşacaq, əgər sənətə bircə damcı da olsa sevgisi varsa, mütləq razılaşacaq.

Qızın bayaqkı qorxusu, tərəddüdü maraq dənizində batmışdı. Çəlimsiz, lakin qıvraq, yaxından tər və tütün iyi vuran, babası yaşında olan bu qəribə qoca onun xoşuna da gəlmişdi. Nəyə baxacağını soruşmadı, eləcə gülümsəməyə çalışsa da ürəyindəki təlaş qalmaqdaydı. Özgə vaxt olsaydı tanımadığı kişinin gözlənilməz təklifinə, ən yumşaq halda, şillə ilə cavab verərdi.

– Tələsməyinə tələsirəm, – dedi, – evdə xəstə anam məni gözləyir.

– Burda, yaxındadı, “Passay” ın tinində… Çox ləngitmərəm… Beşcə dəqiqəlik… Qızım, sözümü yerə salmayın…

“Qızım” deyib təkidlə xahiş etdiyindən qocaya yazığı gəldi, daha inad etmədən “gedək” desədə ürəyi sürətlə döyünürdü.

Bu şəhər elə də böyük deyil, adına baş şəhər desələr də, bircə günə o başından vurub bu başından çıxarsan. Ürəyə yatan həmsöhbətlə mənzilbaşı lap əlçatan olur.

Söhbətləri tutmuşdu. Yol boyu, illər öncə, gənc naturaçıya necə vurulduğundan, yaş fərqinə görə axmaqlıq edib ürəyini aça bilmədiyindən, adını şərti olaraq “Xallı” qoyduğu portreti onun şərəfinə çəkib təsəlli tapdığından danışdı… Qız da çəkinə-çəkinə, rəssamlıq məktəbində oxuduğunu söylədi.

Çatdılar. İnadkar rəssam irəlidə, ürkək qız arxada qədimi binanın birinci mərtəbəsinə qalxdılar.

Taxta qapını açarla açıb içəri keçdi, “mənim balaca emalatxanama xoş gəlmisiz, buyurun, ayaqqabınızı çıxarmayın “-dedi, qızı yığcam dəhlizə dəvət edib işığı yandırdı. Yaşına uyuşmayan cəldliklə otağına açılan qapıdan içəri şığıdı, “Kralın arvadı” nı bir tərəfə tulladı, ağır qara pərdəni aralayıb küçəyə baxan pəncərəni açdı. Acgöz işıq seliylə birgə yüngül giləvar otağın boğanağını toxdatdı.

Nə yarımçıq işlənmiş eskizlər, nə divarboyu yığılıb üstü parçayla örtülü tablolar, nə də qadın əli dəyməyən səliqəsiz otaq diqqətini çəkdi. Qoca rəssam pərdəni açanda qızın baxışları küncdə, bu sahmansızlığı ört-basdır edən, yəqin ki, ona göstərmək istədiyi üstü narıncı parçayla örtülü portret qoyulmuş iri molbertdə ilişib qaldı. Qızın sual dolu gözlərinə heyranlıqla baxan ev sahibi molbertə yaxınlaşdı.

– Xahiş edirəm, – dedi, – gözlərinizi yumun… Ürəyinizə başqa şey gəlməsin. Qorxmayın, yumun…

Qız narahat görünsə də, gizlənpaç oynayan uşaq kimi gözlərini ikiəlli yumdu. Həyacandan qoca rəssamın barmaqları titrəyirdi. Qızı ləngitməsin deyə örtüyü yarıyacan açıb molbertin tinində dayandı. O, yuxuda olmadığına inanmaq istəyirdi!

– İndi baxın, – pıçıldadı.

Gənc qız qeyri-adi nəsə görəcəyinə əmin olsa da, biri-birinə pərçim etdiyi nazik barmaqlarını asta-asta, tərəddüdlə aralayaraq qızarmış yanaqlarına tərəf sürüşdürdü.

Qoca rəssam ilk öncə onun gözlərində getdikcə artan parıltını gördü. Qız, heyranlıqdan qışqıracağına ar edib getdikcə aralanan dodaqlarını əlləriylə qapadı. Babası yaşında kişiylə üzbəüz dayanıb “öz” çılpaq portretinə baxdığından yox, gördüyünə inanmaq istəmədiyindən özünü saxlaya bilməyib kəkələdi:

– B-bu-bu ki… mə-nəmm?! – deyə bildi. Bir xeyli hərəkətsiz dayanıb baxdı, sonra addım-addım, özündən ixtiyarsız portretə yaxınlaşdı, örtüyü tamamilə açıb, “bu, ola bilməz!” pıçıldayaraq iki addım geri çəkildi. Qız sanki sehrə düşmüşdü. Ona elə gəldi ki, bu miskin otaqda təkdi və güzgü qabağında məftunluqla öz bədənini seyr edir. Uzun barmaqları dodaqlarına, boynuna, döşünün giləsinə toxunduqca halı dəyişdi, elə məst oldu ki, az qala sağ çiynindəki ağır çantasını yerə salacaqdı… Və birdən ona zillənmiş yad baxışdan diksindi. Əllərini gizlətmək üçün yer tapmadı. Çaşqınlıq və xəcalətdən qıpqırmızı qızardı. Elə birdən də anladı ki, yox, bu baxış heç də yad deyil, bu, aylarla, bəlkə də illərlə, sol sinəsindəki üç xalı saymasa, eynən ona oxşayan qadının virtual surətiylə bir otaqda yaşayıb qocalmış rəssamdı.

Susurdular.

Qız hələ də özünə gələ bilməmişdi. Nəhayət, o üç xalı harda gördüyünü düşünərək gözünü portretdən çəkdi.

– Təxəyyül… bu qədər oxşarlıq yarada bilməz axı?!.. Bu, möcüzədi!

– Təəcübləndiz?.. Əlbəttə, bu siz deyilsiz. Əfsus… İyirmibir il əvvəl yəqin siz heç doğulmamışdınız. Yaşınız ya on yeddi ola, ya olmaya.

– On doqquz, – qız gülümsəyərək dəqiqləşdirdi. Qəfil, tələsdiyi yadına düşdü. – İnanın, təsadüfi, müəmmalı olduğu qədər xoş tanışlıq oldu. Əfsus, mən qaçmalıyam, xəstə anamı tək qoymuşam. O…

Daha heç nə demədi. Demək istəmədi.

Qoca rəssam dəhlizə çıxıb qapını açdı. Qız razılıqla:

– Ötürmək lazım deyil, – dedi, – özüm…

– Sözümü yerə salmadığınız üçün minnətdaram. Yenə gəlin…

– Ola bilər…

Qız pillələri düşərkən geri dönmədən yüngülcə əl elədi.

Qoca rəssam çoxdan qapısını kiminsə arxasınca bağlamamışdı…

* * *

Mənzilində qonaq qəbul etmədiyindən qapı tıqqıltısına yadırğamışdı. Tıqqıltı zəif olsa da ara vermirdi. “Hikkəli adama oxşayır”. Hamamdan tələsik çıxıb qapıya yaxınlaşdı. Gözlükdən baxmadan qapını açanda gözlərinə inanmadı: əynində bənövşəyi sarafan, əlində ağ kağıza bükülü balaca dördkünc zərf tutan dünənki qız idi. Köhnə tanışlar kimi görüşdülər. Otağa keçəndə soyuq şərbət təklif etdi, qız minnətdarlıqla “içmirəm” deyib əlindəki zərfi masanin küncünə qoydu, dünəndən üstü açıq qalmış portretə yaxınlaşdı. Sözlü adama oxşayır, amma danışmır, portreti ilk dəfə görürmüş kimi süzürdü.

– İki il boyu, – rəssam sükutu pozdu, – həftədə iki kərəm emalatxanama gələrdi. Nədənsə, yüzlərlə naturaçı qızın içindən onu seçmişdim. Onunla işləmək məni yormurdu, əksinə, özümü gümrah hiss edirdim. Gözəlliyi bir yana, bilirdim, pula ehtiyacı var, tələbəydi… Son vaxtlar, iş oldu-olmadı, dərsdən sonra iki şirin kökəylə gəlirdi. Qəhvə içməyə. Sən demə qəhvəni heç sevmirmiş, bəhanəymiş… Mən axmağı sevirmiş!.. Əslində mən də vurulmuşdum!.. Qızlar qürurlu olur. O, etiraf etməyə utanır, mən “yox” cavabı alıb gülünc vəziyyətə düşəcəyimi düşünən sarsaqsa cəsarət tapıb ürəyimi açmağa… Və bir gün “Nağıl” tortuyla gəldi. Soruşdum ki, bu nə xəcalətdi verirsən? Dinmədi, bir dilim kəsib mənə yedizdirdi, sonra düz gözümün içinə baxıb gülə-gülə dedi ki, indicə sən mənim nişan şirnimi yedin, xeyir-dua ver, bəlkə xoşbəxt oldum… Bilsəydiniz o sözlərdə, o gülüşdə nə qədər istehza, qəzəb, nə qədər əzab vardı!.. Boğazımda ilişib qalmış son tikəni qaytarmaq üçün vanna otağına qaçdım, dönüncə… o, yox olmuşdu – gəldiyi kimi sakitcə, getmişdi… Belə…

Gözlərində ilişib qalmış iki damla yaşı qız görməsin deyə hamama keçdi. Üz-gözünü soyuq suyla yuyub otağa qayıtdı. Tale bu dəfə də onunla oyun oynadı; eynən iyirmibir il əvvəlki kimi otaq boş idi, qız getmişdi. Dəhlizə cumdu, aralı qalmış qapıya çatanda aşağı mərtəbəni tərk edən iti addım səsləri kəsildi.

Az qala dəli olacaqdı. Var-gəl etdi, onu otaqda tək qoyub çıxdığı üçün özünü, vidalaşmadan getdiyinə görə qızı qınadı.

Yadına düşdü ki, qəlyanaltı etməyib; soyuducudan kolbasa götürüb doğradı, iki dilim qara çörək, termosdan dünəndən qalma kruasanla içməyə bir fincan qəhvə süzdü. Taxta podnosa yığıb otağa keçib oturdu. Qəhvədən bir-iki qurtum içmişdi ki, gözünə masanın küncündəki zərf sataşdı. Fincanı yerə qoyub siqaret yandırdı. Gözünü zərfdən çəkmədən ikinci, üçüncü siqareti alışdırdı. Axırki, özünü saxlaya bilmədi, ayağa durub ona yaxınlaşdı. Üstündə xırda hərflərlə” xalsız qızdan” yazılmış məktubu o üz-bu üzə çevirdi.

Əlləri əsə-əsə zərfi açdı. Yəqinki, zərfə yerləşmədiyi üçün ikiyə qatlanmış, nəmişlikdən saralmış vatman kağızını çıxaranda əl boyda məktub və əlil arabasında oturub gülümsəyən qadınla qol-boyun olmuş, indicə qaçıb gedən gənc qızın şəkli masanın üstünə düşdü. Qoca rəssamı soyuq tər basdı. Vatmanın qatını açdı. İlahi, ilk seansda adi qələmlə qızın üz cizgilərini işləmişdi-o idi. “Saxlayıb”.

Əl boyda dama-dama dəftər vərəqində yazılmışdı:

“ Mən onu ilk baxışdan tanımışdım… Məktubun içindəki şəkili siz çəkmisiz, yəqin unutmazsız… Qoy sizdə qalsın… Sənədlərimi rəssamlığa verəndə, anam bunu göstərib demişdi ki, əgər daha yaxşı çəkəcəksənsə, get, oxu… O sizin barədə heç nə danışmayıb. Bu sizin sirrinizdi. Beş ildi əlil arabasına məhkum olmuş insanı incitmək istəmədiyimdən təsadüfi görüşümüzü də ondan gizlətdim-belə yaxşıdı. Bu da bizim sirrimiz olsun… Məncə, böyük sənətkar olmaq üçün istedad və zəhmət mütləqdi, sevmək üçünsə təkcə ürək kifayətdi… İtirməyə nə varki?!” Balaca şahzadə” də deyilən kimi: Gözlər kordu. Ürəklə, qəlblə axtarmaq lazımdı… Özünüzə əzab verməyin.

Hörmətlə: Xalsız qız.”

Otaq başına fırlandı. Qoca rəssam ilk dəfə özünü daha tənha, daha bədbəxt hiss etdi, barmaqları titrəyib boşaldı, əlindəkilər yerə səpələndi. Divar saatının çıqqıltısını ürəyinin döyüntüsü boğdu. Özünü güclə divana çatdırdı…

…Küçədə şütüyən maşınların uğultusu qalın divarları dəlib içəri keçmir, elə divarın o üzündəcə sınırdı… Təkcə metro qatarlarının on-onbeş dəqiqədənbir zirzəmini silkələməyi olmasaydı, bu otağı dünyanın ən sakit guşəsi sanardın.

Yarıaçıq qapıyla molbertin arasındakı tünd yaşıl örtüklü divanın, qənşərindəki nimdaş kilimin üstündə, qələmlə işlənmiş neçə – neçə əzik eskizlər, masanın üzərindəki qəzet-jurnallar, içində bir dilim büzüşmüş kolbasa, qurumuş çörək qırıntıları və ketçup ləkəsi olan ağ çini nimçə, yarımçıq qəhvə fincanı, üstünə qarışqalar daraşmış bir qırıq kruasan, son gilələri görünən yarıaçıq “Kent” qutusu, ağzınacan siqaret kötüyü ilə dolu saxsı külqabı, otağın bir küncündəki molbertin üstündən sürüşüb düşmüş çılpaq qadın portreti… Bu artıq tamamlanmış natürmort deyildi, sahibsiz yarıqaranlıq otağın sükutuydu.

İri pəncərədən içəri dolmaq arzusuyla çabalayan gün işığının qarşısını xaincəsinə kəsən ağır qara pərdələrə bir toxunuş bəs idi ki, həyat əvvəlki məcrasına dönsün – otaq “dirilsin”. Əfsus ki, otaqda, kruasan tikəsinə daraşmış, indi də nimçənin kənarına yaxılmış ketçup qalığının həndəvərində dolaşan qarışqaları saymasaq, bu toxunuşa cəsarət edəcək canlı yox idi; balaca otağın sakini kimi bütün əşyalar da əbədi səssizliyə məhkum olmuşdu. İlk baxışdan cansıxıcı görünən bu təbii dekorasiya, sanki dünyanın ən nüfuzlu muzeyində nümayişi üçün kətan üzərunə köçürəcək rəssamı gözləyirdi…

Uzun illər belə səhmansızlıqda, köhnə dekorasiyaları sökülməyən, hər gün eyni tamaşa oynanılan teatr səhnəsinə bənzər otağında yaşamaqdan bezməyən qoca rəssam ölmüşdü…

2017. Xırdalan.
“Azərbaycan” ədəbi-bədii jurnalı, N-1, 2018 ci il.

QAPI
(hekayə)

Dörd divar arasında

Bir dünyanın dərdi var…

S. Rüstəmxanlı.

…Sanki yüz il açılmayan qapıdan, nəhayət, gözlərini çəkdi. Bu qədər gözləməyin necə dözülməz, üzücü və mənasız olduğunu anladı. Elə bil, ömrü boyu beləcə taqətsiz, ümidsiz, yalqız olduğu qədər də əlacsız uzanıb biryolluq üzünə qapanmış o qapıya sarı boylanırmış. Və bu gözləmələrin ona heç nə verməyəcəyini bilə-bilə yenə möcüzə sorağındaydı.

“Görəsən gecədi, gündüz? Çöldə niyə səs-səmir kəsilib? Dünya dağılıb, nədi?!.. Telefon da lal ördəyə dönüb…”

Handan-hana yadına düşdü ki, altı aydı telefonu borca görə kəsiblər…

Səssiz, acı-acı güldü. Buna gülmək də demək olmazdı-nə sifətinin qırışları tərpəndi, nə də haldan düşmüş əzələləri titrədi, təkcə gözlərində zəif işıq parıldadı və anındaca yox oldu.

Özünü dərin quyunun dibində hiss edirdi. Birdən ona elə gəldi ki, ürəyi daha döyünmür, dayanıb, bezib çırpınmaqdan. Yoxsa qəbir kimi sakit otaqda zirzəmidəki siçanların xışıltısından özgə bir səs eşidilərdi axı?!..

O gedəndən ürəyi tez-tez şıltaqlıq edirdi. Rəhmətlik arvadı çox dirənmiş, “həkimə get, yoxlatdır özünü, ürəklə zarafat olmaz!” – demişdi. Demişdi… amma öz ürəyini qoruya bilməmişdi; oğul dərdindən şişib, şişib, qəfil də partlamışdı arvadın ürəyi… Bu qəfil ölümdən sonra bir kərə, o da it ilində, şeytanın qıçını sındırıb təzə açılmış klinikaya getmişdi. Onu otaq-otaq gəzdirib yoxladılar, hər həkimin ağzından bir avaz gəldi, pensiyasından qaragünlük topldığı bir dəstə pulu dədə malı kimi əlindən aldılar, bir kitablıq da dava-dərman yazıb göndərdilər aptekə. Əczaçılar elə haq-hesab elədilər ki, gərək üç ay da yeyib-içməyib pensiyasını iynə-dərman üçün yığaydı…

Yığa bilmədi. Yumruq boyda ürəyini, rahatlığını pozan ağrılarını unutmağa çalışdı. Qaldı Allahın ümidinə.

“Demə arvad sağ olanda mənim də yerimə dərd çəkirmiş, özününkü bəs deyilmiş zalım qızına…” – Beləcə, gecikmiş etiraflarıyla, ünvansız giley-güzarlarıyla baş-başa qalmışdı dörd divar arasında…

Gücü üzülmüş ürəyinə çatırdı:” Yük olmuşam sənə, yük. Dayan da, biryolluq!..”

Boğazında nəsə düyünlənmişdi. “Allah yolları açsın!” Deyəsən elə bu söz idi, qısılıb qalmışdı içində, çıxarmağa təpəri yox idi.

Bir səmirə möhtac kişinin qulağı qapının o üzündəydi. Dünənəcən küçə-bacada hay-küy salan dəcəl uşaqların, hər gün pəncərənin altından keçən, guya bir-birini yaxşı eşitmək üçün qışqıra-qışqıra danışıb bazar-dükana gedən qonşu arvadların da səsi kəsilib… Əvvəllər onu cin atına mindirən, “pırrr” eləyib hasara qonaraq qanadlarını həyasızcasına daş-divara çırpan, səsi kallaşmış müğənni kimi bir-iki dəfə boğazını arıtlayıb, sonra da düz on dəqiqə dayanmadan banlayan xoruzun səsi üçün darıxdı. “Bəlkə kəsib yeyiblər?.. Ağasəlim haa! Ağlım kəsmir, Ağasəlim, sevimli xoruzunun boğazına bıçaq dirəyə. Ölmüşdü elə!.. Ən əziz qonağına “Quş qripinə qarşı peyvənd eləmişəm”, ya da “Qocalıb ee, kəsib qazana atsaq, gərək bir sutka gözləyəsən ki, bişə” – deyib, axırda da qonağı bir tava pamidor-yumurtayla yola verəndi Ağasəlim – xasiyətinə bələdəm qansızın!.. Deyəsən, iş başqadı axı?..”

Lap dünya dağılsa da, qapı açılmadan ölmək istəmirdi. Ölə bilmirdi!..

“ Demə bu gedişdən dönüş bəxt-ilahiymiş!.. Xalxın da uşağı getdi, sağ-salamat qayıdanı da oldu, şikəsti də, şəhid olanı da oldu. Mənimkinin yazısına bax… Yazıq balam. Öldüsündən – qaldısından bixəbər… yaşamaq zülümdü, zülüm!Bu nisgili özümlə qəbrə necə aparım?.. Ondan xəbərsiz getsəm, yer götürməz məni, gorum yanar… Sən demə qovrulub yansa da, şəhid balasını əlləriylə torpağa tapşıran atalar necə bəxtəvərmiş! Bu xoşbəxtliyidə mənə çox görürsən, ilahi!”

Üzülmüş qəlbini parçalayan iztirablar səngimirdi. Lənətə gəlmiş qapıdan kiminsə girəcəyinə inanmasa da, hətta qəlbinin dərinliyində gizlənən şübhələri çözələnsə də, ümüdini özündən əvvəl dəfn edə bilmirdi!

…Nə pəncərəni döyəcləyən payız küləyindən, nə də evdə olmadığına əmin olub topun dalıyca hasardan həyətinə düşən uşaqdan xəbəri yox idi. Xəbəri olsaydıda, əvvəlki kimi əsəbiləşməzdi, bir az məzəmmət edib saçını tumarlar, hal-əhval tutar, kimlərdən olduğunu soruşar, yəqin axırda da deyərdi ki, “Ay bala, hasardan niyə aşırsan axı, oğurluğa gəlmirsən ha, qapı-zad yoxdu bəyəm?” Axı bir aydı bu xaraba qalmışın qapısı heç gecələr də kilid görmür!..

“Allah xeyirə calasın!” – Yenə bayaqkı yuxusunu çək-çevir edirdi; beş dəqiqə mürgü döyən kimi yuxusuna kəpənəklər doluşurdu. Eynən Məsmənin yuxusuydu, təkrarlanırdı. Yadındadı, ölməmişdən üç gün əvvəl, Məsmə, səhərin gözü açılmamış onu yuxudan oyadıb başladı ki:“Kişi, qəribə yuxu görmüşəm, yadımdaykən danışım, amma qəribçliyə salıb gülmə yuxuma, sən dədənin goru… Gördüm ki, dağ boyda dəmir qapıdı, bağlı, zəhmi adamı basır. Zindandı nədi, baş açmaq olmur, hər yan qapqaranlıq… Elə dağ boyda da kişilər, əllərində külüng, o nədi, toppuz kimi olur ee… hə, quvaldla çırpa-çırp, düşüblər qapının canına, sındırıb açmaq istəyirlər, ha vururlar, ha döyəcləyirlər, qapı açılmır ki, açılmır. Birdən… a Mərdan, valla görəcəkdi, birdən görürəm ki, minlərlə, sayı-hesabı bilinməz alabəzək kəpənək doldu yuxuma, daha doğrusu, yuxumdakı zülmətə. Valla, ömrümdə bu qədər kəpənək görməmişdim. Heç televizorda da… Kəpənəklər hərəsi bir rəngdə işıq saçır, havada elə rəqs edirldilər ki, qapını sındıran kişilər də əllərini saxlayıb onların tamaşasına durdular. Kişi, Allaha and olsun, qəflətən bir ağ kəpənək, kəpənəklərin ən irisi, dəstədən aralanıb qanad çala-çala özünü çırpdı qapıya, çırpdı, çırpdı… valla inanmazsan, o yekəlikdə qapı taybatay açıldı. Açılan kimi də zülmət işığa qərq oldu. O iri kişlər də işğın içində yox oldular, elə bil əriyib getdilər… Gördüm qapıdan o yana ağappaq yol uzanıb gedir, aləm də nur içində… Məətəl qalmalıdı…”

– Nur yaxşıdı, elə açıq qapı da… Yaxşı xəbər gözlə, – deyib, sakitləşdirmişdi arvadını.

– İnşallah, yuxum çin olar, əli-ayağı üstündə qayıdar balamız, – demişdi Məsmə. Deyə-deyə, sanki ayaqları torpaqdan üzülmüşdü, topa-topa buludların üstündə süzürdü arvad…

Ancaq səhəri gün “yerə endi”, Orxanın adı dilində canını tapşırdı. O gündən həyət-bacada da kəpənək gözə dəymədi, elə bil yuxusuna yığıb aparmışdı…

Oğlunun müharibəyə könüllü getdiyini arvadından gizlətmişdi axı. Fikirləşirdi ki, uzağı bir-iki ilə dava bitər, uşaq qayıdar… day dönəndən sonra öldürəsi deyil ki məni?! İllər ötürdü, nə dava bitirdi, nə uşaq qayıdırdı. “Xaricə pul qazanmağa gedib” deməyi hardan ağlına girmişdi, indi də başa düşmürdü. Uydurduğu bu şirin yalanlarına özü də inana-inana gözlərinin yollarda qalacağını ağlına da gətirməzdi. “Pul qazanan, heç olmasa, ayda-ildə bir kərə gəlib anası canıyanmışı yoluxmaz?“-On il bu cavabsız sual son nəfəsi ağzından çıxanacan bu yalanlarla yaşayan arvadının gözlərində, dil-dodağında ilişib qalacaqmış…

* * *

Taqətdən düşmüş göz qapağı işığı sozalmış bəbəklərini yariyacan qapadı və o, qorxdu. Qorxdu ki, qapı açılmamış ürəyi dayana, gözləri həmişəlik yumula. Altımış səkkiz ildə təsəvvürünə gətirmədiyi dəhşət, bir anlığa bütün hüceyrələrini heydən saldı, qurutdu. Yaşadıqlarının yanında ölüm nəydiki?!

“Niyə mənə əzab verirsən, ö-ölüm?” – deyə pıçıldadı və ilk dəfə içində gəzdirdiyi sözü dilinə gətirdi:“Sən heç məndən ayrı olmusan ki?!”

Elə bil qənşərindəki onu aparmağa gələn ölümün özüydü, əziz adamı kimi üz-üzə oturub dərdləşər.

Gözünü çəksə də, ürəyi səksəkədəydi; ağır eşidən sol qulağını yorğanın küncüylə qapadı, daha yaxşı eşitsin deyə sağ qulağını darısqal dəhlizin o başındakı qapıya sarı tuşladı.

Onu dünyanın xeyir-şərindən ayıran qapı vicdansızcasına qapanmışdı…

Onsuz da hər şeyi boz rəngdə görürdü. Birdən, tor gəlmiş gözləri vaxtıyla dördayaqlı rəngli “Tauras” televizoru qoyulan künc divarın yuxarısında asılmış çərçivəyə sataşdı.” Bu nəydi belə?.. Axı, nədi bu?” Gözlərini qıydı. Diqqətlə baxmaq, aydın görmək üçün güclə başını yastıqdan qaldırdı. “Həə… bu ki…?” – deyə bildi. Unudulmuş çərçivəyə indiyəcən fikir vermədiyinə məəttəl qaldı. Əgər taqəti olsaydı, heç olmazsa, üç-dörd addım ata bilsəydi, ona yaxınlaşıb tozunu alar, boş otağın divarlarında yamaq kimi görünən çərçivədən, yəqin ki, cavan Mərdan, onun gözəl arvadı Məsmə və oğlu gülümsəyərdi üzünə, lap televizordakı diktorlar kimi!

Şəkilin tarixçəsini yadına salıb kövrəldi. Əslində, bu şəkil heç olmayıb – kollaj, yamaq idi bu şəkil. Hə, yadına gəlir, çoxdan, əsgərliyə gedəndən sonra, gecələr yuxusundan çıxmayan, oğlunun xiffətini çəkən arvadı, təsadüfən məhəlləyə gələn şəkilböyüdən cuhuda lap cavan vaxtlarında Bakıda olarkən əriylə çəkdirdiyi yeganə şəkli, bir də oğlunun altıncı sinfdə oxuyarkən məktəbin “Şərəf lövhəsi” üçün çəkdirdiyi fotonu göstərib yalvarmışdı ki, onları birləşdirsin. Ciddi-cəhdlə tapşırmışdı da:“ Sən allah, a qardaş, elə elə ki, bilinməsin, guya, bir yerdə çəkdirmişik. “ Şəkilböyüdən də on beş manat alıb düz bir həftədən sonra, diqqətlə baxanda yamağı bilinən, elə yamağı ört-basdır eləməkçin mavi rənglə boyadığı(guya, fon yaratmışdı) portreti arvada təhvil vermişdi. Əvvəllər, əldən-ələ gəzər, öpülüb oxşanardı; gah anasının yastığının böyründə, gah televizorun üstündə, gah da kitab rəfinin ən gözəgəlimli yerində olan, indi toz basmış soyuq şüşənin arxasından ona baxıb gülümsəyən oğlunun təbəssümü onsuz da üzülmüş qəlbini dəlib-deşdi və bir dəfə də olsun oğluyla şəkil çəkdirmədiyinə peşman oldu.

“Görəsən necə baxırlar? Adam kimi yedizdirirlər heç olmasa? Ağlım kəsmir. Cəllad hara, rəhm hara… Faşistdən də betərdilər!.. Guya qırmızı xaçdı-nədi, nəzarət edir əsirlərə. Yalansa!.. Gör neçə il keçib. Saqqalına da dən düşüb indi, Allahsaxlamışın… Əmisinə çəkib, tərs oğlu tərs!Evlən, dedik. İki ayağını bir başmağa soxdu ki, evlənmirəm!.. Arvad-uşağa başı qarışsaydı, belə etməzdi, üzməzdi bizi. Evlənərdi, indiyəcən iki-üç oğlu da olardı… Yox, iki oğlu, bir qızı… Anası rəhmətlik qız istəyən idi…”

Qapı göz dağıydı, sirinsəyib durmuşdu.

“Gəlsin… Təki Əzrayıl canımı almamış dönsün… Gəlsə… gəlsə, daha heç yana buraxan deyiləm… Tək uşağı əsgər də aparmazdılar. Onda da özü getdi. Kişiyəm, getməliyəm, dedi… Davaya da eləcə, xəbərsiz getmişdi. Əl boyda kağıza “inşallah, qələbəylə qayıdarıq” yazıb dostuna vermişdi ki, atama çatdır, narahat qalmasın… Mən cəhənnəm, anan narahat getdi… Heç olmazsa məni naümid qoyma. Heç nə istəmirəm, bircə dəfə qoynuma sarıl, alnımdan öp… sonda… çiynini tabutuma daya… rahat gedim ananın yanına…”

Soyuq tər basmış vücudu bir anlıq istiləşdi. Dilinə gətirə biləcəyi bu sözlərin təsirindən boynunu qucaqlayacaq əziz balasının tütün qoxulu ilıq nəfəsini duydu. Hətta zəhləsi getdiyi tütün iyi də xoş gəldi ona. “Hələ də… çəkirsən?.. Bacar, at o zəhirmarı, oğlum!..”

Ağırlaşmış qollarını tərpətmək istədi ki, onun xəyalını qucsun.

” Oğlum dedim?!”

Heç vaxt onu belə çağırmazdı axı. Həmişə adıyla. Adıyla, vəssalam!

İndisə… elə fərəhlə, elə sevgiylə dedi ki, səsi, hətta ağır eşidən qulağında cingildədi:

“Oğ-lum!.. Oğluuum!”

Əvvəllər vahiməli, qətiyyətli, cingiltili olan səsi indi kallaşsa, xırıldasa da pəncərəyə dəyib əks-sədaya döndü. Nəğmə kimiydi, havaya qarışıb səpələnirdi otağa…

Elə bil güclü bir əl onu soyuq, qaranlıq quyudan dartdı, dartdı, çəkib işıqlı dünyaya çıxartdı. “Bu nədi, ilahi?!” Otağa gözqamaşdıran qızılı – gümüşü işıq doldu. Bozarmış divar kağızları al-əlvan rəngə boyandı. Payız olmasına baxmayaraq havadan yasəmən ətri gəlirdi. Dodaqları nəmləndi. Son bir ayda ilk dəfə gözləri güldü.

Sinəsi şıltaq körpə kimi atılıb düşürdü…

Küçədə maşın dayandı…

Ağasəlimin xoruzu banladı…

Deyəsən, cırıldayan qapı idi…

Bir də qulaq verdi…

Bir ağ kəpənək içəri girmək üçün özünü pəncərəyə çırpırdı…

“Ədəbiyyat qəzeti” N-43, 17 noyabr 2018 ci il.

Bepul matn qismi tugad.

14 441,53 s`om
28 883,05 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Yozilgan sana:
2022
Hajm:
120 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Köhlən Nəşriyyatı
Yuklab olish formati:

O'xshash kitoblar