Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Leonardo da Vinçi»

Shrift:

İnsanlar üç cür olur: görənlər, göstərəndə görənlər və görməyənlər.

Leonardo da Vinçi

© Altun kitab MMC – 2021

www.altunkitab.az

Ön söz
İkinci minilliyin adamı

Leonardo da Vinçi bəşər tarixində «dahi» ünvanına layiq olan, daha doğrusu, bu ünvanı qazanmış az adamlardan biridir. Əlbəttə, tarix dahilər sarıdan kasad deyil, lakin Leonardo kimi ən müxtəlif sahələrdə böyük uğurlara imza atmış ikinci bir insana rast gəlmək mümkünsüzdür. Ayrı-ayrı sahələr üzrə məşhur dahilər var, məsələn, musiqidə Motsart, riyaziyyatda Eyler və s. Leonardo Da Vinçi isə öz universallığı (hərtərəfliliyi) ilə seçilirdi; o, rəssamlıqdan memarlığa, musiqidən ədəbiyyata, mühəndislikdən, anatomiyaya, riyaziyyatdan təbiətşünaslığadək fərqli yaradıcı və elmi sahələrdə öz istedadını sübuta yetirib.

Məşhur alman filosofu Artur Şopenhauer (1788–1860) vaxtilə yazırdı: «İstedad heç kəsin vura bilmədiyi hədəfləri vura bilir, dahi isə heç kəsin görmədiyi hədəfi vurur». Bu sözlər sanki Leonardo üçün deyilib…

Da Vinçini fövqəlinsan da adlandırmaq olar: bir-birindən qiymətli rəsm əsərləri, öz sağlığında heç vaxt havalanmayacaq uçan qurğular, yalnız yüz illər sonra həyata keçən qeyri-adi ideyalar, bir-birindən maraqlı alətlərin, cihazların layihələri… Bu sıraya elmin müxtəlif sahələrinə dair mətnləri də əlavə etdikdə Leonardonun dövrünü çox qabaqlamış nəhəng şəxsiyyət olduğuna heç bir şübhə qalmır. O öz ixtiraları və icadları ilə zamanı bir neçə yüz il qabaqlamışdı. Əksər ideyalarını tamamlamasa və ya həyata keçirə bilməsə də, bunlar böyük sənətkarın qiymətini əsla azaltmır.

Da Vinçini başqalarından fərqləndirən cəhət yaradıcılığa bütün varlığı ilə bağlanması, təxəyyülünün imkanlarından sonacan istifadə etməsi idi. Müşahidələrini fantaziyaları ilə bir araya gətirə bilən Leonardo daim hər kəsi heyrətləndirməyi bacarırdı.

Erkən yaşlardan hər şeylə maraqlanan, ətrafda gördüyü heç nəyi diqqətdən qaçırmayan Leonardonun bütün ömrü öyrənməklə, araşdırmaqla keçmişdi. Da Vinçiyədək bəşər tarixində kimsə «Mona Liza» kimi rəssamlıq şedevri yarada bilməmiş, apardığı uzunmüddətli tədqiqatların nəticəsi olaraq bənzərsiz anatomik rəsmlər çəkməmişdi. Da Vinçiyədək bəşər tarixində heç kim çayların məcrasını dəyişmək məqsədilə irimiqyaslı layihələr işləməyib, Yer səthindən əks olunan günəş işığının Ay səthini işıqlandırdığını söyləməyib, ürək mədəciklərinin necə işlədiyini öyrənmək üçün donuzun döyünməkdə olan ürəyini yarmayıb, tamamilə orijinal musiqi alətləri düzəltməyib, teatr tamaşalarına qeyri-adi tərtibat verməyib…

Leonardonun şəxsiyyəti, həyatı və yaradıcılığı insanlara həyatda uğur qazanmağın yolunu göstərir. Onu dahiliyə aparan məziyyətləri belə sıralamaq olar:

1. Hər şeylə maraqlanmaq.

2. Biliyə can atmaq.

3. Təəccüblənmək hissini heç vaxt itirməmək.

4. Ən xırda detalı belə gözdən qaçırmamaq.

5. Faktlara hörmət etmək.

6. Təxəyyülün gücünə inanmaq.

7. Təkcə sifariş üçün yox, həm də özün üçün yaratmaq.

8. Araşdırma ehtirasına və şövqünə malik olmaq.

Məhz yuxarıdakı keyfiyyətlər Leonardo da Vinçini bəşər tarixinin ən görkəmli şəxsiyyətlərindən birinə çevirmiş, onun «İkinci minilliyin adamı» seçilməsinə gətirib çıxarmışdı. İndi isə gəlin bu böyük sənətkar və aliminın həyat yolu, uğurları, eləcə də uğurlarının sirləri ilə daha yaxından və ətraflı tanış olaq.

Leonardonun dünyaya gəlişi

Xoşbəxtlikdən Leonardo nikahdankənar doğulmuşdu. Yoxsa nəslindəki bütün böyük oğullar kimi o da notarius1 olacaqdı. Hər halda ən azı beş nəsil idi ki, belə davam edirdi. Bu ənənə onun ulu babası Mikeledən gəlirdi. Hələ XIV əsrdə Mikele İtaliyada, Florensiya yaxınlığındakı kiçik Vinçi şəhərciyində notarius işləyirdi. Bütün notariuslar kimi Mikeleyə də «ser» deyə müraciət edirdilər: ser Mikele da Vinçi.

Mikelenin törəmələrindən biri – Pyero 1451-ci ildə Florensiyada məskunlaşarkən cəmi 25 yaşı vardı. Rəsmi müqavilələrdən birində onun iş yeri kimi şəhər hakimiyyətinin (meriya) binası göstərilir. O, Florensiya monastırları, dini ordenlər, şəhərdəki yəhudi icması üçün notarial aktlar tərtib edirdi. Bir dəfə hətta İtaliyanın məşhur sülalələrindən biri olan Mediçi kral ailəsindən belə sifariş almışdı.

1452-ci ildə bir kəndli qızla izdivacdan Pyeronun oğlu dünyaya gəldi. Uşağın babası qeyd kitabçasının son vərəqində yazdı: «1452-ci il. Nəvəm doğuldu, yəni oğlum Pyeronun oğlu anadan oldu. Aprelin 15-də, şənbə günü, gecə saat 3-də. Adını Leonardo qoyduq». Həmin qeyd kitabçasında Leonardonun anası barədə heç nə yazılmır. Yalnız beş il sonra tərtib edilmiş vergi sənədində onun adına rast gəlirik – Katerina. O, 1436-cı ildə kasıb kəndli ailəsində doğulmuş, 14 yaşında yetim qalmışdı. Kiçik qardaşı ilə birgə nənəsigilə köçmüş, lakin 1451-ci ildə nənəsi də dünyasını dəyişmişdi. Elə həmin ilin iyulunda Katerina 24 yaşlı Pyero ilə birgə yaşamağa başladı. Katerinadan uşağı olsa da, Pyero onunla evlənmədi, çünki ayrı-ayrı sosial təbəqələrə aid idilər.

Leonardo Vinçi qəsəbəsinin yaxınlığındakı Ankiano adlı balaca kənddə doğulmuşdu. Hazırda bu kənddə Leonardonun kiçik muzeyi yerləşir. Leonardo şənbə günü dünyaya gəlmişdi. Ertəsi gün keşiş onu Vinçinin məhəllə kilsəsində xaç suyuna saldı. Bir həftə sonra isə Pyero da Vinçi əliuşaqlı Katerinanı tərk edib Florensiyaya qayıtdı. Qadın isə Akkattabriqa adlı bir kəndliyə ərə gedib Vinçi yaxınlığındakı fermada yaşamağa başladı. Bundan sonra onların dörd qızı, bir oğlu da oldu. Leonardonun doğma atası isə ümumilikdə dörd dəfə evləndi və on bir övladı dünyaya gəldi. Leonardo daha çox anasıgildə yox, atasının Vinçidəki evində, əmisi Françeskonun yanında qalırdı.

Qeyd edək ki, o vaxtlar nikahdankənar uşaqların dünyaya gəlməsi eyib və ya qəbahət sayılmırdı. XIX yüzillikdə yaşamış mədəniyyət tarixçisi Yakob Burkxard İtaliya intibah dövrünü «bastardların (nikahdankənar doğulanların – red.) qızıl dövrü» adlandırır. Hətta Papa II Piyin (1405–1464) nikahdankənar iki oğlu vardı. Leonardonun müasiri Papa VI Aleksandrın nikahdankənar oğlu Çezare Borcia isə papa ordusunun başçısı və kardinal2 vəzifəsinə qədər yüksəlmişdi. Yeri gəlmişkən, vaxt gələcək, Çezare Leonardo da Vinçini himayə edəcək, ona arxa-dayaq olacaqdı.

Nikahdankənar doğulanların arasında Petrarka, Bokaçço, Lornso Qiberti, Filippo Lippi və s. kimi dövrünün tanınmış sənətkarları da vardı. Lakin bastardların üzləşdiyi özünəməxsus çətinliklər də az deyildi. Məsələn, Florensiyanın notariuslar gildiyası ittifaqı onları öz sıralarına qəbul etmirdi. Ancaq bu məsələdə Leonardonun bəxti gətirmişdi: onsuz da onun notarius olmaq fikri yox idi, çünki yeknəsəq işdən zəhləsi gedirdi. Bundan başqa, nikahdankənar doğulduğu üçün Leonardonu, varlı tacirlərin və əsnafın ərköyün uşaqları kimi, «latın məktəbi» nə oxumağa göndərmədilər. Odur ki ibtidai məktəbdə öyrəndiyi toplama-çıxma, vurma-bölmə kimi riyazi əməliyyatları nəzərə almasaq, Leonardonun heç bir təhsili yox idi. Buna görə də yaşa dolduqdan sonra özünü ironiya ilə «təhsilsiz adam» adlandırırdı. Lakin eyni zamanda fəxr edirdi ki, nə zamansa vaxtını başdansovdu təhsilə sərf etməyib: bundansa «təhsilsiz adam» olmaq daha yaxşıdır. Ən əsası isə həyatdan kifayət qədər öyrənib; elə ona görə də bəzən sənədlərə «Təcrübələrin şagirdi Leonardo da Vinçi» deyə imza atırdı.

Leonardo ənənəvi bilgiləri əzbərləmək ehtiyacı hiss etmir, təbiətin dərkində empirik (təcrübəyə əsaslanan) yanaşmalara, elmi metodlara üstünlük verirdi. Belə ki, onun istifadə etdiyi metodları yalnız bir əsr sonra ingilis filosofu və tarixçisi Frensis Bekonla məşhur italyan alimi Qalileo Qaliley (1564–1642) sistemləşdirməyə başlamışdı. Leonardo qeyri-adi müşahidə qabiliyyətinə malik idi: ətrafdakı hər şeyi xırdalıqları ilə gözdən keçirməyə çalışırdı. İstər tez-tez qanad çalan quşun hərəkəti olsun, istərsə də insanın üzündə yaranan ani ifadə, fərqi yoxdur, Leonardo hər şeyin mahiyyətinə varmağa səy göstərir, bunların əsasında təcrübələr aparırdı. «Mən bütün mülahizələrimdə yalnız təcrübəyə istinad edirəm!» – o yazırdı.

Əslində Leonardonun yaşadığı dövr məktəbdə və universitetdə oxumayan, bununla belə, elmə, biliyə can atan istedadlı gənclər üçün müəyyən qədər əlverişli idi. Məsələ burasındadır ki, 1440-cı illərdə İohann Qutenberq mətbəə üsulu ilə kitab çapının əsasını qoymuş, nəticədə, tezliklə çoxsaylı maraqlı kitablar nəşr olunmağa başlamışdı. Beləcə, məktəbdən, universitetdən uzaq qalan gənclərin savadlanması üçün şərait yaranmışdı. Oxuyub-yazmağı bacaran insanların sayı durmadan artırdı. Digər tərəfdən isə Florensiyada şan-şöhrət qazanmaq, istedadlı insanların hamisi kimi ad çıxarmaq istəyən varlı tacirlər sanki mesenatlıq3 yarışına girmişdilər. Bütün bunlar, şübhəsiz ki, Leonardonun da işinə yarayırdı.

Ümumiyyətlə isə həmin dövrdə Florensiya elm, sənət məbədinə çevrilmişdi. Şimali Apennin dağlarının ətəklərində, Arno çayı sahilində yerləşən bu şəhərə «Florensiya» adını vaxtilə romalılar vermişdilər. Mənası «çiçəklənən» deməkdi. Florensiya bir çox məşhur rəssamların, heykəltəraşların, elm və ədəbiyyat adamlarının vətənidir. Elə XVI yüzillikdə start götürən Renessans dövrü4 də buradan başlayıb və Avropaya yayılıb. Bir sözlə, Florensiya öz adının mənasını artıqlaması ilə doğruldub. Orada doğulması isə Leonardo üçün həqiqətən böyük şans idi…

Şagirdlik dövrü

Leonardo on iki yaşına qədər Vinçidə yaşadı. 1464-cü ildə, analığı dünyasını dəyişəndən sonra, tək qalmış atası onu özüylə Florensiyaya apardı. Artıq şəhərdə yaşasa da, Leonardo doğma kəndin ab-havasını unuda bilmirdi. Təsadüfi deyil ki, sonralar onun qeydləri arasında yaradıcılığa yeni başlayan bir rəssama ünvanlanan aşağıdakı məsləhət də yer alacaqdı: «Şəhəri tərk et, qohumlardan, dostlardan ayrıl, dağlara, vadilərə, düzənliklərə get».

O da maraqlıdır ki, kənd həyatına nə qədər aludə olsa da, Leonardo, demək olar, bütün həyatını Florensiya, Milan və Roma kimi iri şəhərlərdə keçirdi.

İlk vaxtlarda Leonardo atasıyla qalırdı. O, burada ibtidai təhsil aldı, şagird kimi işə düzəldi. Amma yaxşı əlaqələri olan ser Pyero övladının sənədlərini öz qanuni oğlu kimi rəsmiləşdirmədi. Da Vinçinin heykəltəraşlığa, rəssamlığa meyil etdiyini görən Pyero onu öz varisi kimi görmək istəmirdi.

Leonardo solaxay idi və sağdan sola, üstəlik, hərfləri də tərsinə çevirərək yazırdı. XVI yüzilliyin tanınmış rəssamı və tarixçisi Georgio Vazari qeyd edir: «Xüsusi təcrübəsi olmayanlar onun xəttini oxuya bilmir. Onun xəttini oxumaq üçün güzgü lazımdır».

Bəzi araşdırmaçıların iddiasına görə, Leonardo belə bir yazı üsulundan nəyəsə görə kod kimi istifadə edirmiş. Lakin bu doğru deyil: axı onun xəttini güzgünün köməyi ilə də oxumaq olur, adi gözlə də. Sadəcə, da Vinçi solaxay olduğu üçün belə yazmaq ona rahat idi. Leonardonun solaxay olması onun rəsm çəkmə metodunda da özünü göstərir: o, şəkli də sağdan sola çəkirdi ki, əli ilə kətanı kirlətməsin.

14 yaşı tamam olandan sonra Leonardo atasının köməyi ilə Florensiyanın ən yaxşı rəssamlıq emalatxanalarından birində işləməyə başladı. Emalatxanada hökm sürən mədəni və işgüzar ab-havanı oradakı avadanlıqların siyahısından da hiss etmək olurdu: nahar stolu, çarpayılar, qlobus, italyan dilində çoxlu kitablar… Kitabların arasında məşhur Roma şairi Ovidinin (e.ə. 43–17) və XIV yüzilliyin görkəmli italyan şairi Petrarkanın latın dilindən tərcümə olunmuş kitabları, eləcə də Florensiyanın tanınmış yazıçılarından Franko Sakkettinin (1332–1400) qısa yumoristik novellaları yer alırdı. Bu müəlliflərin yaradıcılığı Leonardonun yetişməsində xüsusi rol oynamışdı. Emalatxanada riyaziyyatdan tutmuş, anatomiya, antik mədəniyyət, musiqi və fəlsəfəyə aid ən müxtəlif mövzular ətrafında söhbətlər aparılırdı.

Emalatxanada çalışanlar, adətən, elə orada qalır, yeməklərini də orada yeyirdilər. Rəsmlər və digər sənət əsərlərinə imza qoyulmurdu: çünki bu əsərlər fərdi yaradıcılıq məhsulu sayılmırdı. Ona görə bir çox rəsm əsərləri emalatxana sahibi Verokkionun adına çıxılır. Emalatxana sahibinin məqsədi dahi rəssamlar yetişdirmək yox, müştərilərin sifarişini yerinə yetirib qazanc əldə etmək idi. Qeyd etmək yerinə düşər ki, əsl adı Andrea di Çione olan Verokkionun emalatxanası çox məşhur idi. Hətta Florensiyanın ən yaxşı rəssamlıq emalatxanası sayılırdı.

Onu da deyək ki, bu cür emalatxanalarda çalışan sənətkarlar klassik təhsil almır, bu səbəbdən də mədəni elitanın üzvləri sayılmırdılar. Lakin zaman keçdikcə belə rəssamların cəmiyyətdəki statusu da dəyişməyə başladı. Onların bir çoxu öz uğurlu işləri ilə böyük şöhrət qazandılar, beləcə, nüfuzları da yüksəldi.

Leonardo rəssamlıqla bağlı elementar bilikləri ibtidai məktəbdə almışdı, çalışdığı emalatxananın sahibi Verokkiodan isə ilk növbədə həndəsənin gözəlliyini öyrəndi. Bir dəfə Verokkioya monumental mühəndislik işi sifariş edildi: o, ikitonluq böyük bir kürə hazırlamalıydı. Kürəni Florensiyanın baş kilsəsinin qübbəsi üzərində quraşdırmağı planlaşdırırdılar. Sənətin, həndəsi qanunların və mexanikanın köməyi ilə hazırlanmış kürə 1471-ci ildə təntənəli şəkildə kilsənin üzərinə qaldırıldı. Onda Leonardo 19 yaşında idi. Sonralar bu hadisəni tez-tez xatırlayan da Vinçi başa düşdü ki, sənət və mühəndislik işi bir-biriylə sıx bağlı sahələrdir. Tezliklə onun hazırladığı qaldırma mexanizmlərindən Verokkionun emalatxanasında istifadə etməyə başladılar. Leonardo optikaya və işıq şüaları həndəsəsinə xüsusi maraq göstərirdi. Uzun illər ərzində o öz qeyd dəftərçələrində işıq şüalarının fokuslaşdırılması üçün əyri güzgülərin hazırlanması mexanizmi ilə bağlı iki yüzə qədər eskiz çəkmişdir.

Vaxt keçdikcə atası Leonardonun zəngin təxəyyülünü, sənətlə möcüzəvi təbiət hadisələrini bir araya gətirmək bacarığını qiymətləndirməyə, hətta bundan faydalanmağa başladı. Bir dəfə Vinçidə yaşayan bir kəndli taxtadan lövhə düzəltdi. Sonra isə Pyerodan xahiş etdi ki, onu özüylə Florensiyaya aparıb üzərinə boyayla şəkil çəkdirsin. Pyero bu işi görməyi oğluna tapşırdı. Leonardo lövhənin üzərində əjdahaya bənzər – ağzından od saçan qeyri-adi bir məxluq təsvir etməyi qərara aldı. O, şəklin canlı, təbii alınması üçün əsl kərtənkələlər, sisəklər, ilanlar, kəpənəklər, cırcıramalar və yarasalar topladı. Axırda onların görünüşlərini ümumiləşdirərək əcaib bir varlıq düzəltdi. Vazari yazır: «Leonardo öz işinə elə aludə olmuşdu ki, çürüməkdə olan canlıların üfunət iyini belə vecinə almırdı. Pyero lövhəni götürməyə gələndə, əcaib varlığın rəsmini görüb, qorxudan geri çəkildi: bir anlığa ona elə gəldi ki, qarşısındakı əsl heyvandır. Nəticədə o, əsəri özündə saxladı və əvəzində kəndliyə başqa lövhə aldı. Sonralar Pyero əjdaha rəsmli lövhəni Florensiyada tacirlərə yüz dukata5 satdı. Tacirlər isə həmin lövhəni Milan hersoquna üç yüz dukata satdılar».

Bu əsər Leonardonun fantaziya ilə müşahidəni məharətlə uzlaşdırmaq qabiliyyətini üzə çıxartdı. Sonralar rəssamlıq haqqında traktat6 yazmağa hazırlaşan rəssam qeyd edəcəkdi: «Əgər sən şəklini çəkmək istədiyin xəyali canlının təbii görünməsini istəyirsənsə – tutalım, bu, ilandır – çoban itinin və ya tulanın başını götür, ona pişik gözləri, yapalaq qulaqları, tazı burnu yapışdır, aslan qaşları, su bağasının boynunu əlavə et…»

Leonardonun ilk uğurları

Mediçilər varlı və nüfuzlu bir ailədir; bu ailənin təmsilçiləri XIII–XVIII əsrlərdə dəfələrlə Florensiya hökmdarı olublar. Onlar Renessans dövrünün görkəmli rəssam, heykəltəraş və memarlarının himayəçisi kimi tanınırdılar. Bu ailə tez-tez böyük karnavallar və yürüşlər təşkil edirdi. Florensiya emalatxanalarında çalışan rəssamlar və mühəndislər bu bayram şənliklərinə xüsusi səylə hazırlaşırdılar. Qısa vaxtda Leonardo teatr tamaşalarının istedadlı tərtibatçısı kimi ad çıxarmışdı. O, Florensiyada, xüsusilə də Milana köçəndən sonra kostyumlar, teatr dekorasiyaları, səhnə üçün avadanlıq, xüsusi effektlər, hərəkət edən platformalar işləyib-hazırlayır, müxtəlif şənliklərə və karnavallara tərtibat verirdi. Rejissor və dekorator kimi fəaliyyət göstərən Leonardo mühəndislik elmi ilə sənəti uzlaşdırmaq imkanından məmnun idi. Bu qəbildən olan sifarişlər onun bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rol oynayırdı. Leonardonun məşhur hava pəri – bunu tez-tez helikopterin prototipi kimi də qələmə verirlər – böyük ehtimalla, əyləncəli tamaşalar üçün nəzərdə tutulmuş mexanizmdir. O vaxtlar bənzər mexanizmi olan oyuncaqlar artıq mövcud idi. Leonardonun icad etdiyi «mexaniki quşlar» kimi, hava pərləri də tamaşaçıları əyləndirmək üçün nəzərdə tutulmuşdu.

Verokkionun emalatxanasındakı yoldaşlıq ab-havası, ailə mühiti Leonardonun ürəyincə idi. Odur ki 1472-ci ildə şagirdlik müddəti başa çatandan sonra da müəlliminin yanında qalıb işləməyə qərar verdi. Onda gənc rəssamın iyirmi yaşı vardı. Atasının evi emalatxananın yaxınlığında yerləşirdi. Florensiya rəssamlar birliyinə üzv olarkən o, sənədlərə «Leonardo di ser Pyero da Vinçi» kimi imza atdı. Bununla da doğma atasıyla qohumluq münasibətini rəsmiləşdirmiş oldu. Yeri gəlmişkən, həmin dövrün Bottiçelli, Pyetro Perucino, Qirlandayo, Pollayolo, Filippino Lippi, Verokkio kimi məşhur sənətkarlar adını çəkdiyimiz cəmiyyətin üzvü idilər. Bir sözlə, bu, kifayət qədər nüfuzlu təşkilat idi və da Vinçinin gənc yaşda ora qəbul edilməsi böyük uğurdu.

1473-cü ildə Leonardo müstəqil rəssam həyatına başlamağa qərar verdi. O, Florensiyanı tərk edib səfalı Vinçiyə qayıtdı. Özünün ilk məşhur rəsmlərindən birini – «Arno vadisinin mənzərəsi» ni məhz həmin günlərdə çəkdi.

İmpressionizm7 üslubunda çəkilmiş rəsmdə Vinçi ətrafındakı yaşıl Arno vadisi və qayalı dağlar təsvir olunur. Leonardo yaradıcılığı üçün xarakterik olan bu təbiət təsvirində biz mənzərəni sanki quş uçuşu yüksəkliyindən görürük. Rəsmdə gerçəklik təxəyyüllə çulğaşıb, tamamilə başqa reallıq üzə çıxıb. «Əgər rəssam insanlara sevgi təlqin eləyən gözəl şeylər görmək istəyirsə, onları özü yaratmalıdır», – Leonardo sonralar yazırdı. Başqa rəssamlar da təbiət təsvirləri, yəni peyzaj çəkirdilər, lakin bunlardan daha çox fon yaratmaq üçün istifadə olunurdu. Leonardo isə, prinsipial olaraq, tamamilə başqa yanaşma sərgiləyir: o, təbiəti elə təbiət naminə təsvir edir! Bu mənada Arno vadisinin xəyali mənzərəsini əks etdirən rəsm Avropa incəsənəti tarixində ilk həqiqi peyzaj roluna iddia eləyə bilər.

Da Vinçi – həddən artıq tələbkar

1477-ci ildə Leonardo, nəhayət ki, Verokkionun yanından tamam ayrılıb öz emalatxanasını açdı. Lakin heç bir ciddi uğur qazana bilmədi. Milana köçənə qədər, beş il müddətində o, vur-tut üç sifariş aldı. Bunlardan birini, ümumiyyətlə, yerinə yetirmədi, digər ikisini isə yarımçıq qoydu. Lakin məhz tamamlanmamış bu iki rəsm əsəri onun reputasiyasını daha da möhkəmlətdi və bütün rəssamlıq tarixinə öz təsirini göstərdi…

Bu barədə bir qədər sonra. Hələliksə onu deyək ki, da Vinçi ilk sifarişi 1478-ci ildə almışdı. Əslində bu sifarişi Florensiya dövlət şurasının (Sinyoriya) yanında notarius xidmətləri göstərən atası təşkil etmişdi: Leonardodan Sinyoriya binasının yanındakı kilsə üçün tablo çəkmək tələb edilirdi. Sifarişi yerinə yetirməyə hazırlaşan da Vinçi bu məqsədlə eskizlər hazırlamağa başladı. Lakin o, sifariş olunan rəsmi çəkmədi, bununla belə, hazırladığı eskizlər başqa bir əsərin meydana çıxmasında əhəmiyyətli rol oynadı. «Öncəgörənlərin sitayişi» adlanan həmin rəsm də tamamlanmadı. İntəhası, sənətşünas Kennet Klarkın sözləriylə desək, «XV yüzilliyin ən inqilabi və antiklassik əsəri» oldu.

Leonardo əsərə səma təsviri də əlavə etmək istəyirdi, lakin bir-iki yüngül cəhddən sonra işi yarıda saxlamağa qərar verdi. Niyə? Ola bilsin, ona görə ki, perfeksionist8 davranırdı: bu ağır işin öhdəsindən gələ bilməyəcəyini düşünürdü. Vazari qeyd edir ki, Leonardo bir çox əsərini yarıda saxlamış, tamamlamamışdı: «O, həmişə olduqca mürəkkəb, eyni zamanda son dərəcə incə mətləbləri üzə çıxarmağı planlaşdırırdı və nəticədə ona elə gəlirdi ki, əsəri fikirləşdiyi şəkildə tamamlamaq mümkün deyil». Beləcə, çəkilən rəsm yarımçıq şəkildə bir kənara qoyulurdu.

Leonardonun bioqraflarından biri Lomatso isə yazır: «O, başladığı işi heç vaxt sona çatdırmırdı, çünki sənət haqqındakı təsəvvürləri buna imkan vermirdi: da Vinçi başqalarının möcüzə kimi qəbul etdiyi nəsnələrdə belə çatışmazlıqlar və qüsurlar tapırdı».

Əsərlərini yarımçıq qoymasının başqa səbəbi də vardı – Leonardo niyyəti, ideyanı işin icrasından üstün tuturdu.

İlk sifarişini aldıqdan yeddi ay sonra Leonardo əlindəki işi kənara qoyub Milana köçdü. Sifariş üçün ödənilən pulları xərcləyib qurtarmışdı. O, yarımçıq saxladığı rəsm əsərini dostu Covanni Bençinin yanında qoydu. Belədə kilsə rahibləri məcbur olub eyni süjet əsasında rəsm çəkməyi Bottiçellinin himayə etdiyi Filippino Lippiyə sifariş verdilər. Gənc Lippi isə öz müəllimi Bottiçellidən yaltaqlıq etməyi öyrənmişdi: Covanninin əvvəllər çəkdiyi «Öncəgörənlərin sitayişi» rəsmində olduğu kimi, Lippinin əsərində də Mediçi ailəsi üzvlərinin portretləri peyda oldu. Məddahlıqla arası olmayan Leonardo isə nə bu, nə də digər əsərlərində Mediçiləri vəsf etmək niyyətinə düşmədi. Bəlkə də, elə ona görə Bottiçelli, Filippino Lippi və onun atası Filippo Lippi bu varlı ailənin səxavətindən gen-bol bəhrələndikləri halda, da Vinçi daim hökmdarların diqqətindən kənarda qalmışdı.

Leonardonun növbəti yarımçıq işi «Müqəddəs İeronim səhrada» tablosudur. Bu əsərdə onun bədən hərəkətlərini ruhun titrəyişləri ilə uzlaşdırmaq cəhdləri daha qabarıq sezilir. Tamamlanmamış həmin tabloda XIV yüzillikdə yaşamış, Bibliyanı latın dilinə tərcümə etmiş alim Müqəddəs İeronim təsvir olunub. İeronim burada tövbəkar zahid obrazındadır: irəli uzatdığı əlində daş tutub və tövbə edərkən onu sinəsinə vurmağa hazırlaşır. Vəfalı şir önündə uzanıb – İeronim onun ayağına batmış tikanı çıxarandan sonra şir yanından uzaqlaşmır. Müqəddəs İeronim son dərəcə yorğun, halsız, üzgün görünür, lakin baxışlarında qəribə bir qətiyyət ifadə olunub. Fonda isə tutqun peyzajda dikələn qaya parçaları təsvir edilib.

Leonardonun bütün əsərləri öz dərin mənası – insan daxilini açıb göstərmək səyləri ilə seçilir. O, bütün əsərlərində bir növ hisslərin şəklini çəkməyə çalışıb. Buna isə ən çox «Müqəddəs İeronim səhrada» tablosunda nail olub. Sənətşünasların yekdil rəyinə görə, Leonardo bu rəsmi iki mərhələdə –1480-ci il və insan anatomiyası ilə bağlı araşdırmalar apardıqdan sonra, 1510-cu illərdə çəkib. Bunu müasir texnologiyaların köməyi ilə aparılan tədqiqatlar da sübut edir. İngiltərənin paytaxtı Londondan qərbdə yerləşən Vindzor muzeyinin məsul işçisi Kleyton yazır: ««Müqəddəs İeronim səhrada» əsərinin əhəmiyyətli hissəsi ilkin variant meydana çıxdıqdan iyirmi il sonra çəkilib. Həmin vaxt Leonardo anatomik bilgilərini xeyli artırmışdı». Bu məqam Leonardonun sifarişləri niyə vaxtında yerinə yetirmədiyinə bir daha aydınlıq gətirir. Bir çox işləri yarımçıq saxlamaqda onun məqsədi həmin əsərlərin daha mükəmməl variantını yaratmaq idi. O, gənclik dövründə əksər əsərləri, bax beləcə, bir kənara qoyur, vaxt keçdikcə onlara müəyyən düzəlişlər edirdi.

Da Vinçinin «Cinevra Bençi», yaxud «Mona Liza» kimi tamamlanmış və ya qismən tamamlanmış əsərləri də sifarişçilərə çatmadı. Leonardo sevimli işinə o qədər aludə olmuşdu ki, bir yerdən başqa yerə köçərkən rəsmləri də özüylə aparır, yeni ideyaların işığında onları daha da təkmilləşdirməyə çalışırdı. Bir sözlə, sifarişçiləri, demək olar, unudurdu. Şübhə yoxdur ki, «Müqəddəs İeronim səhrada» və «Öncəgörənlərin sitayişi» əsərlərini də məhz yuxarıda qeyd olunan səbəblərdən sifarişçilərə təhvil verməmişdi.

Yeri gəlmişkən, hətta ölüm yatağında belə, dahi sənətkarın yanında tamamlanmamış şedevrlər vardı…

1.Notarius – müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs
2.Kardinal – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə
3.Mesenat – elm, təhsil və mədəniyyətə himayədarlıq edən və ona maliyyə dəstəyi verən xeyriyyəçi
4.Renessans (İntibah dövrü) – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü
5.Dukat – İtaliyada qədim zamanlarda gümüşdən, sonralar isə qızıldan düzəldilmiş pul vahidi
6.Traktat – ictimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər
7.İmpressionist – sənətdə realizmi qəbul etməyən, ictimai məsələlərdən yan keçən, daha çox ötəri təəssüratları canlandırmağa çalışan, məzmunun zərərinə olaraq formaya həddindən artıq önəm verən idealist cərəyanın (impressionizmin) tərəfdarı
8.Perfeksionist – həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını dəhşətli dərəcədə şişirdən insan
20 563,49 s`om
Yosh cheklamasi:
12+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
1 Sahifa 3 illyustratsiayalar
ISBN:
9789952244588
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Muallifning boshqa kitoblari