Kitobni o'qish: «İrqlərin hökmranlığı və Arçibald sərhədləri»
Sən hər dəfə kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Tural İsmayılzadə. İrqlərin hökmranlığı və Arçibald sərhədləri.
Bakı, “Köhlən” nəşriyyatı, 2021.
© Tural İsmayılzadə / 2021
© Köhlən Nəşriyyatı / 2021
İSBN:978-9952-8411-7-6

Qədim dövrlərdə qradoslar vəhşi varlıqlar sayılırdılar. Onlar meşə, dağ, səhra mağaraları və ya tərk edilmiş kəndlərdə məskunlaşırdılar. Bu varlıqlara cəm halında rast gəlmək mümkün deyil. Arçibaldda arilərin cənubdan gəlişindən sonra görünməyə başladılar. Əvvəllər sadəcə kənd ətrafı ərazilərdə ovlansalar da, vaxt keçdikcə yaşayış məntəqələrinə də hücum etməyə başladılar. Uzun müddət davam edən aramsız hücumların qarşısını cənub döyüşçüləri aldı. Arçibald sərhədlərini detronlar müdafiə etməyə başdadıqda isə, bu varlıqlar tamamilə yoxa çıxdılar. Hər kəs qradosların nəslinin kəsildiyini düşündü.
Ovçu
Semiqon səhər yuxusundan yenicə ayılmışdı. Cənub ayısının yumşaq dərisindən hazırlanmış isti yatağı onun əsnəməsiylə yerdən ayrılan taxta ayaqlara güc verərək qıcıldayırdı. Semiqon bu gün üçün, demək olar ki, bir neçə fəsildir hazırlaşırdı. Lakin sanki bu gün onun üzərinə bütün qışın ağırlığı düşmüşdü və onu yerindən tərpənməyə heç nə vadar edə bilməzdi. Gözünün biri gah açılır, gah yumulur, digəri isə hələ şirin yuxunun bitməyi ilə razılaşmırdı. Bu minval yan otağa bitişik qapının səsi gələnə qədər davam etdi. Bu səs onun atası, yaşlı Permonun artıq yuxudan ayılıb və səhər yeməyinə hazırlandığı mənasına gəlirdi. Semiqon sanki üzünə soyuq qış şaxtasından daha soyuq su çırpılmış kimi ayağa qalxaraq hazırlandı. Çox çəkmədi, atasının olduğu otağa çıxan qapını açaraq ən gümrah halı ilə atasına səsləndi:
– Xeyirli sabahlar.
– Xeyirli sabahlar, oğlum, necə yatdın?
– Demək olar ki, əla, çox sağol, soruşduğun üçün.
– Yəqin ki, bu günə hazırsan.
– Əlbəttə, sözsüz hazıram…
Semiqon Arçibaldın şimal-qərbindəki Vayzo kəndində böyümüşdü. Vayzo kiçik əhalisiylə bərabər çox mehriban kənd olaraq şimalda Qara dağlarla, qərbdə Kripso dəniziylə, şərqdə bir neçə kənd və cənubda, on iki vilron məsafədə Dirma şəhəriylə qonşu idi. Kənd Qara dağlara yaxın olduğu üçün, demək olar ki, bütün fəsillərdə soyuq və qarlı olurdu. Kəndin yuxarı hissəsi Qara dağların qərbinə aparan, torpaq yolu örtən sıx meşələrdən ibarətdir. Qara dağlara uzun müddətdir dildən-dilə yayılan qorxunc hekayələrə görə səyahət qadağan olunmuşdu.
Bütün qərblilər kimi bu gün Semiqon da insanlara xas bir sınaqdan keçməli idi. O, səhər yeməyindən sonra daxmadakı işlərini bitirib atasından ağır gündən qabaq icazə istədi. Gün ortasına kimi kənd meydanında olmalı idi. Qalın gödəkcəsini xəz dəridən hazırladığı libasının üzərindən geyindi və daxmanın qarşısına çıxdı. Semiqonun atası dəri ustası idi. Permon oğlunun da ata-baba sənəti ilə məşğul olmağını istəsə də, vaxt getdikcə oğlunun Vayzonun ən igid ovçularından olacağına əmin olmuşdu. Semiqon artıq ovçu olacaq yaşa çatmışdı. O, bu yaşda öz həmyaşıdlarına nisbətən fiziki cəhətdən daha qüvvətli və daha cüssəli idi. Buna baxmayaraq, cəldlik və ağlıyla da digərlərini geridə qoyurdu. Onun qara saçları çiyninə qədər uzanmış, kirli saqqalı isə üzünə daha da sərtlik bəxş etmişdi. Enli kürəyinə və şux duruşuna isə kəndin, demək olar, bütün gözəl qızları onu hər görəndə tamaşa edirdi. Bu, əlbəttə, digər həmyaşıdlarını qıcıqlandırsa da, o, sadəlövhlüyü ilə də digər ovçuların dostluğunu qazanmışdı. Hətta bir qış əvvəl, Qara dağlardan kəndə dadanmış qar pələnginin ovuna çıxdıqda onu gecə yarısı kənd yaxınlığındakı mağarada sıxışdırmış ovçular barəsində eşitdi. Özünü fikirləşmədən ora çatdıran Semiqon ovçuların gözündən yayınaraq mağaraya girmiş, pələngi tələyə salaraq qaya parçasıyla öldürmüşdü. Lakin pələng çiynində mağaradan çıxdıqda onu mat qalıb izləyən ovçulara ölmüş heyvanın leşini verərək onların haqqı olduğunu bildirib oradan uzaqlaşmışdı. Bununla, həm yaşlı ovçuların rəğbətini qazanmış, həm də bütün kənddə yalın əl ilə pələng öldürdüyü üçün gələcəyin ovçusu olduğunu sübut etmişdi.
Permon oğlunun igid bir gənc olduğu üçün çox qürurlanır, lakin bir o qədər də narahat olurdu. O, Semiqonun anasını cavan yaşlarında Qara dağların vəhşi varlıqlarının hücumunda itirmişdi. Permon Semiqonun anasının son sözlərini hələ də dünən deyilmiş vəsiyyət kimi xatırlayırdı: “Oğlumuzu nəyin bahasına olursa-olsun, qoru, Permon”. O, bu sözləri hər yadına salanda oğlunu bu yoldan geri döndərmək istəyir, lakin bu cəhdiylə oğlunu ömürlük itirməkdən qorxurdu. Bəlkə də, Semiqonun anasına verdiyi sözü elə onu ovçu olmağa dəstəkləməklə tuta bilərdi? Bəlkə də, şimal qərbin ən cəsur ovçusu olmağı elə Semiqonun ən böyük müdafiəsi olacaqdı? Vaxt göstərəcəkdi hər şeyi, amma yaşlı Permon görə biləcəkdimi həmin günləri, özü də əmin deyildi.
Semiqon artıq səhər yürüşünü də bitirib kənd meydanına doğru yönəlmişdi. Günorta olacaqdı deyə, demək olar ki, bütün daxmaların bacalarından artıq qışın soyuğunu dəlib göyə qalxan tüstü görünürdü. Öz daxmaları kəndin düz kandarında yerləşirdi. Ona görə atasının artıq kənd meydanında olduğunu düşünərək yolunu uzatmadı və ara küçələrlə meydana doğru irəlilədi. Kənd küçələri dolaşıq olsa da, hər biri sonda birləşərək dörd yoldan biri ilə kənd meydanına çıxırdı. Meydana çatmağa bir neçə daxma qalmışdı və artıq insanların səs-küyü eşidilirdi. Yoldakı qar əriməsə də, torpağa qarışmış və üzərində gəzdikdə qəribə səs çıxardırdı. Semiqon irəliləyərkən öz ayaqlarının qəribə səsindən başqa da səs eşitməyə başladı. Kimsə arxadan cəld, amma balaca addımlarla ona çatmağa çalışırdı. Semiqon geriyə dönməyə macal tapmamış onu şirin bir səs çağırdı:
– Semiqon!
Geriyə dönən gənc onu qonşusu, balaca Luzinin çağırdığını görüb tez aşağı əyilərək əllərini açdı.
– Bəli, mənim balaca şahzadəm!
Luzi Semiqona çatarkən birbaşa gəncin üzərinə elə tullandı ki, az qalsın ikisi bir yerdə qarlı palçığa yıxılacaqdılar. Semiqon balaca qızı qucağına alıb ayağa qalxdı və ciddi səs tonu ilə soruşdu:
– Luzi, atan bilir sən burdasan?
– Yox.
– Necə yəni?
– Çünki o, səni meydanda gözləyir.
– Mənə anam icazə verdi.
Balaca qız bunu dedikdə həm Semiqon, həm də Luzi bərkdən gülməyə başladılar. Sonra elə birlikdə də meydana doğru irəlilədilər.
Gün ortası olmağına baxmayaraq, hava yenə tutqun, gün işığı isə qara buludların arxasında ilişib qalmışdı. Sanki bütün qərblilərin verdiyi bu ovçu sınağı həmişə belə soyuq günlərə rast gəlirdi ki, bu günün çətinliyini daha da artırsın. İndi bütün ovçular böyük səbirsizliklə, bir o qədər də həyəcanla yerlərinə keçirdilər. Yarışı kənd idarəedicisi, yaşlı Qamvel başlatmalı idi. Lakin bir neçə gecə əvvəl şimal meşələrində xəbərsiz itkin düşmüş iki ovçunun axtarışı üçün yeni dəstə yaradaraq dünən sübh tezdən kənddən ayrılmışdı. Onun yerinə kəndin müdrik şəxslərindən sayılan dəmirçi Miron başladacaqdı yarışı. O, Qamveldən daha yaşlı olmağına baxmayaraq, döydüyü dəmirlərin və hazırladığı ovçu geyimlərinin hesabına daha cüssəli bir bədən quruluşuna sahib idi. Hətta, demək olar ki, onun qədər yaşlı və onun qədər dözümlü ovçu da azdır kənddə. Amma geyindiyi uzun çəhrayı libası, üzündəki tüstü izləri onun dəmirçi olduğunu bildirirdi. Miron heç vaxt ovçu olmaq istəməmişdi. Onun yerinə ovçuları soyuq qışdan qoruyacaq isti libaslar hazırlamağı və o libasları daşıyanlar üçün də qışdan da soyuq silahlar hazırlamağı üstün tuturdu.
Semiqon artıq meydanın girişində dayanmışdı. Qucağındakı Luzini yerə düşürərək atasını göstərdi. Balaca qız qaçaraq atasına tərəf uzaqlaşarkən ayaq saxlayaraq geri döndü və son dəfə Semiqona gülümsəyərək dedi:
– Uğurlar, Semiqon!
Semiqon bu balacanın necə böyüdüyünü öz gözləri ilə görmüşdü. Luzini balaca bacısı kimi çox istəyir və özünə elə gəlirdi ki, onu hər zaman qorumalıdır. Balaca Luzi artıq qollarını açaraq atasının yanına çatmış və onu da bərk-bərk qucaqlamışdı. Bu qışın soyuğunda sanki bütün kəndə bu balaca qız istilik verirdi sadəcə.
Semiqon kiçik addımlarla irəliləyirdi. O, bununla həm ona qıraqdan baxan kəndin cavan qızlarından özünə uyğun yoldaş axtarır, həm də özünə rəqib olan digər ovçuları süzürdü. Bu sınağı keçməli idi Semiqon, çünki hər fəsil hər kənddən cəmi bir nəfər ovçu ola bilərdi. Vayzonun bu fəsilki ovçusu isə o olmalı idi. Bu, onun birinci sınağı idi, lakin onun üçün bu sonuncu olmamalı idi. O, gələn fəsil ona qıraqdan baxan ovçularla birlikdə yeni ovçuların hazırlıqlarına baxmaq istəyirdi. Meydanın ortasındakı atlıların yanında dayanmış digər ovçularla birlikdə atasını da gördü. Yaxınlaşıb qərblilərə xas bir salamlaşma ilə əlini yaşlı Permonun əlinə uzatdı. Cavabında Permon da əlini uzatdı və oğlunun əlini dirsəkdən aşağı tutaraq sıxdı. Eyni hərəkəti Semiqon da təkrar etdi. Bu qərbli insanlara xas salamlaşma onların bir-birlərinə hörmət əlamətini göstərirdi. Bu cür həm ata oğluyla, həm baba nəvəsiylə, həm qonşu qonşusuyla və hətta düşmən belə hörmət etdiyi düşməniylə salamlaşırdı.
– Ata, burda olduğunu bilirdim.
– Bəli, sən evdən çıxdıqdan bir az sonra gəldim. Bu, sizin üçün sınaqdırsa, bizim üçün də bayramdır.
– Bilirəm, ata, qələbəni qazanım, bu bayramı birlikdə qeyd edək.
Semiqon özünü nə qədər hazır hiss etsə də, çox həyəcanlı idi. Bunu hiss eləyən yaşlı Permon oğlunu sakitləşdirmək üçün dedi:
– Mən sənə inanıram, oğlum, anan sağ olsaydı, səninlə qürur duyardı.
Permonun səsində yumşaqlıq və hüzn hiss olundu. Bu, Semiqona həyəcanını basdırmağa kömək eləmişdi. O, bir az da atasına yaxınlaşaraq sanki ətrafdakı digər insanların onları eşitməməsi üçün sakit səslə dedi:
– Bu gün mən cənuba adi gənc olaraq gedib sabah sübh tezdən ovçu olaraq qayıdacam, ata, sənə söz verirəm.
Semiqon atasıyla sağollaşdıqdan həmən sonra Mironun səsi eşidildi. O, hər kəsi geriyə çəkilməyə və gələcək ovçuları öz yerlərinə keçməyə dəvət etdi. Kütlə geri çəkilərək dairəvi şəkil almağa başladı və cavan iştirakçılar öz yerlərinə, üzü cənuba dayanmağa başladılar. Semiqon sırada soldan üçüncü idi. Cəmi yeddi iştirakçı var idi bu fəsil. Bu, o deməkdir ki, Semiqon tam ortada dayanmışdı. Bu, çox əlverişsiz mövqe sayılırdı. Çünki iştirakçılar sınaqdan keçmək üçün cənubda, üzü Dirma şəhərinə doğru dörd vilron qaçmalı və qarşıdakı dağın tam zirvəsinə qalxıb digər tərəfə enməlidirlər. Qaydalara əsasən cəmi bir nəfər sınaqdan qalib ayrılacağı üçün bütün iştirakçılar bir-birlərinə hər cür maneə törədə bilərdilər. Bu, o deməkdir ki, Semiqon hər iki tərəfdən onun qalibiyyətinə çatmağa çətinlik yaradacaq rəqiblərlə əhatələnmişdi. Bu sınaqda qarlı havada dağın zirvəsinə qalxmaqdan başqa çətinlik isə hər iştirakçıya öz ağırlıqlarının yarısı qədər qaya parçası doldurulmuş yük verilməsidir. Ovçu onu dağın zirvəsində gözləyən onlardan daha yaşlı və daha təcrübəli ovçuya çatdırmalıdır. Bu qaydayla dağın zirvəsinə çatan ovçu birinci mərhələni keçmiş sayılır. İkinci mərhələdə isə dağın digər tərəfindəki Dirma şəhərinə qədər olan meşəlikdə qərb maralını tutub kəndə geri qayıtmaqdır. Qərb maralı nəinki cavan iştirakçılar üçün, hətta təcrübəli ovçular üçün də çətin ov sayılırdı. Ona görə sınaq bəzən bir neçə gün çəkə bilərdi.
Lakin bunların heç biri Semiqonu qorxutmur, əksinə, daha da ruh yüksəkliyi bağışlayırdı. Onun yanında kəndin cavanlarından olan və Semiqonun da dostluq etdiyi Hamzar dayanmışdı. Hamzar Semiqon qədər cüssəli və qüvvəli olmasa da, onun cəldliyindən şübhə etmək olmazdı. O, artıq ikinci fəsildir ki, ovçu olmağa çalışırdı. Bu, o deməkdir ki, Semiqon daha təcrübəsizdir bu sınaqda. Hamzar belinə qoyulan ağırlığı bir neçə dəfə yerində tullanaraq yoxladı və bir az önə əyilərək Semiqona tərəf çöndü. Sarışın saçları qarşıya əyildiyi üçün gözünün önünə töküldü və uzun, tülkü qulaqlarına bənzəyən qulaqları göründü. Hamzar, ümumiyyətlə, sarışın, arıq gənc olmağına baxmayaraq yaraşıqlı və bir o qədər də ağıllı oğlan idi. O, üzünü cənuba tutmuş Semiqona səsləndi:
– Məğlubiyyətə hazırsanmı, dostum?
Hamzar bunu nə qədər də rəqabət hissi qataraq desə də, dostluğun verdiyi zarafatyana hiss onun üzündə gülümsəməyə səbəb oldu. Semiqon ona tərəf çevrildi və eyni gülümsəmə ilə dedi:
– Sənə məğlub olsam, belimdəki daşları diri-diri udaram.
Cavabında isə eyni gülümsəməni aldı gənc Hamzardan.
Mironun “hazırlaşın!” deyə qışqırması hər iki dostu cənuba üz döndərməyə və növbəti göstərişi gözləməyə vadar etdi. Miron meydanın üzü cənuba olan küçəsinin çıxışındakı oyulmuş taxtadan gözətçi qülləsinə çıxdı. Gözlənilən göstəriş gəldi:
– Gələcəyin ovçuları! Uğur sizindir! Sınaq başladı!
Bu göstərişdən sonra bütün ovçular eyni anda yerindən tərpənərək cənuba aparan küçəyə yönəldilər. Ovçulardan biri qarla torpağın qarışığından yaranan palçıqda ilişərək yüngül axsadı, lakin yenidən dikələrək qaçmağa başladı. Ovçu axsamağa başlayanda, kütlədən bir qadın ayrıldı və az qala meydanın ortasına kimi gəldi. Amma sonra ovçunun dikəldiyini görüb heç nə olmamış kimi geri addım ataraq qayıtdı. Çox güman ki, ovçunun anası idi. Küçənin tam çıxışında kənd bitirdi. Gənclər daxmaları bir-bir ötərək küçəylə qaçırdılar. Ən öndə Hamzarın qaçmağına baxmayaraq, bir neçə addım geridə Semiqon və başqa bir gənc qaçırdı. Sonuncu daxmanı keçdikdən sonra bir neçə yüz addım küçə davam edir və sola burulurdu. Bu yol Dirmaya aparmağına baxmayaraq, dağın ətrafından fırlanırdı. Ovçular isə düz dağa dırmaşmalı idilər. Yol bitdikdə bütün ovçular torpağın üzərini örtən qarla addımlayır və artıq sürətləri zəifləyirdi. Qar örtüyü çox qalın olmasa da, ovçuları ləngidirdi.
Artıq ovçular dağa çatmış, qar örtülü qayalarla addımlayırdılar. Ən öndə Semiqon gedirdi. O, bir neçə saniyə öncə əliylə yapışıb dartdığı qayanın üzərinə ayağını qoyur və bu minvalla ara vermədən dırmaşırdı. Ona yaxın ən arxadakı ovçu isə əlini kəsmiş buzlu qayanın üzərində ləngiyirdi. Hamzar və digərləri isə daha aşağıda olduqları üçün görsənmirdilər. Semiqon bir anlıq başını yuxarı qaldırdıqda artıq çiskin buludları görürdü. Geri dönüb öz doğma kəndinə baxmaq istədi, lakin daha yüksəkdə olduğu üçün duman və güclənən külək əngəllər yaradırdı. Qalxan külək qayalardakı qarı qasırğa kimi bir qayadan digərinə sovururdu. Bu isə Semiqona kəndin sadəcə daxmalarını kölgə kimi görməyə imkan verirdi.
Qaranlıq düşmüşdü. Bir neçə qayadan sonra dağın zirvəsinə çatacaqdı Semiqon. Ürəyində nəyinsə üzüntüsü varıydı. Hamzara görə narahat olurdumu, yoxsa bu hava şəraiti onu sıxırdı, tam əmin deyildi. Sonuncu dəfə əlini atdıqda artıq qaya yerinə əlinin yumşaq qara dəydiyini hiss elədi. Yorğun olmağına baxmayaraq, gücünün əsas hissəsini ikinci mərhələyə saxlayan cavan ovçu özünə taqət verərək zirvəyə dırmaşdı. Çiskin buluddan heç nə görmək olmurdu. Bir neçə addım irəlidə sadəcə kölgə görsənirdi. Hər şey vahiməli görünsə də, kölgə yaxınlaşmağa başlayanda onun gənc iştirakçıları gözləyən təcrübəli ovçu olduğu aydın oldu. Onu görər-görməz Semiqon çiynindəki torbanı belinə və sinəsinə bağladığı düyünləri açdıqdan sonra yerə qoydu. Əl sıxışıb salamlaşdıqdan sonra Semiqon ikinci mərhələyə başlamağa icazə istədi. Təcrübəli ovçu Semiqona dincəlib nəfəs almağı tövsiyyə etdi. Lakin Semiqon nə dincəlmək, nə də dayanmaq fikrində idi. O, üzünü ovçuya tutub bir daha icazə istədi və cavabında razılıq aldıqdan sonra ovçunun yanındakı kom şəkildə yığılmış silahlara yaxınlaşdı. Özünə bir yay və qoyun dərisindən hazırlanmış, içi dolu oxla bir asqı götürdü. Axşam olduğu üçün qaranlıq ətrafı bürümüşdü. Dağın ətəyi ilə yavaş-yavaş enən Semiqon külək səngidiyi üçün Dirma şəhərinin işıqlarını görməyə başladı. Dirma Arçibaldın ən böyük şəhəri olmasa da, Semiqon üçün olduqca ecazkar görsənirdi. O, səyahət eləməyi sevirdi. Lakin ovçu olmadan kənddən sadəcə səyyar olaraq ayrıla bilərdi. Ticarət isə ümumiyyətlə, Semiqon üçün peşə sayılmırdı. O, düşünürdü ki, bir yerdən hər hansı əşyanı alıb, başqa bir yerdə daha baha satmaq qazanc gətirsə də, onun üçün hər hansı qabiliyyət tələb olunmurdu. Arçibaldda istənilən irqdən, istənilən qəbilədən səyyar ticarətçilər yaşayır. Deməli, bu peşəyə hər kəs yiyələnə bilərdi. Lakin ovçuluq məharət tələb edirdi. Ən azından Semiqon düşünürdü ki, bu sınağı keçsə, deməli, altı nəfər digər iştirakçıdan daha üstün və seçilmiş olacaq. Bu, onun üçün vacib amil olaraq qalırdı.
Semiqon meşəyə çatdıqda Dirma artıq sıx ağacların arxasında itmişdi. Qaranlıq tam düşmüşdü, lakin dağın şimalına nisbətən cənubu daha buludsuz olduğu üçün ay ətrafı az da olsa işıqlandırırdı. Vayzo kəndi, demək olar ki, bu işıqdan məhrum idi. Bunun səbəbini heç kəs bilmirdi, amma hamı bunun Qara dağların şər qüvvəsi ilə əlaqədar olduğuna əmin idi. Semiqon fikirləşmədən sanki neçə fəsildir hazırladığı məharətini azadlığa buraxaraq meşənin dərinliyinə tərəf irəliləməyə başladı. Ay işığının ağacların arasından saldığı kölgələrlə, demək olar, meşənin tam ortasına çatdı. Gövdələrinə əsasən ən iri ağaca dırmaşıb budaqların arxasında gizləndi. Semiqon bunu uzun fəsillərdir hər gün ağlında canlandırırdı. Nə qədər qüvvətli və cüssəli olsa da, bir qərb maralının arxasınca heç vaxt qaça bilməzdi. Ancaq belə onu tələyə salıb uzaqdan oxla yaralasaydı, sonra hansısa şansı ola bilərdi. O, bilirdi ki, fiziki güclü olmağı sadəcə ona digər ovçulardan meşəyə tez çatmağa kömək edəcək. Artıq uzun müddət keçməsinə baxmayaraq, meşədən sadəcə digər iştirakçıların səsi gəlirdi. Deməli, həm vaxtı azalır, həm də maralın gizlənə biləcəyi ərazi daralırdı. Sübh açılana qədər maralı tapa bilməsəydi, ola bilsin ki, sınaqdan da keçə bilməyəcəkdi. Çünki hava aydınlansa, onu ağacda gizlədən budaqlar da aydınlanacaq və artıq mübarizəsini başqa cürə aparmalı olacaqdı.
Semiqon ağacdan düşmək qərarına gəldi. Yayını və oxunu əlinə alıb belini söykədiyi budaqdan araladıqda boğuq səs eşitdi. Ani hərəkət etmədən səsə qulaq asmağa başladı və ona tərəf yaxınlaşan iki ovçunu qaranlıqda ayırd edə bildi. Hər iki ovçunu tanıyırdı, amma rəqabətli bir vəziyyətdə onların belə bir yerdə maralı ovlamağa çalışmaqları onu şübhələndirdi. Özünü biruzə vermədən dinləməyə davam etdi. Birinci və öndə gələn ovçu Semiqon olduğu ağacdan bir neçə addım aralıda dayandı və yerə oturaraq danışmağa başladı:
– Bu, necə ola bilər axı? Mən necə belə səhvə yol verə bilərəm?
– Bu, sənin günahın deyil, bura gələn hər kəs bilir ki, ovçu olmaq üçün ölümün caynağından keçməlidir. Sən sadəcə sənə lazım olanı əldə etmək istəyirsən.
– Düzdür! Amma indiyə kimi heç bir ovçu başqa ovçunu öldürməyə çalışmayıb!
Semiqon bunu eşitdikdə ürəyi az qalsın yerindən çıxacaqmış kimi atmağa başladı. Bir az dikəlib oxlardan birini yavaşca yaya keçirdi və özünə tərəf astaca dartıb peşmançılıq hissi ilə danışan ovçunu nişan aldı.
– Səni anan mənə tapşırıb! Meydanda az qalsın sınaq başlayanda yıxılacaqdın. Həmən an geri baxanda gördüm onun üzündəki qorxunu. Sən indi maralı tutmaq üçün əlindən gələni edirsən! Mənə sınaq lazım deyil və sənə kömək edəcəm, amma gərək sən bu baş verənləri heç kimə danışmayasan. Birinci dəfə deyil dağın bu tərəfində ovçu öləcək.
Bu danışıqların nə mənaya gəldiyini bilirdi Semiqon. Aşağıdakı peşman ovçu kəndin ən hörmətli və ən imkanlı ailəsinin tək oğludur. Deməli, yanındakı yaltaq isə onun ya anasından, ya atasından nə isə vəd alaraq sınağa qoşulub.
– Mən sadəcə istəmirdim o məndən öncə maralı tutsun! Mən ona görə oxu atdım! Düşünürdüm yanından keçər, Hamzar da maralı vura bilməz!
Sonuncu sözünü dedikdən sonra Semiqonun əli boşaldı. Mat qaldı eşitdikləri qarşısında. Lakin özünü cəmləyərək dartdığı oxu ayaq üstə duran ovçunun çiyninə atdı. Ox hədəfə dəyən an sivri ucu çiyinin arxa hissəsindən deşib ön hissədən çıxdı və ovçunun bədənində dayandı. Çiynini tutub yaranın verdiyi ağrını hiss eləməyə başlayanda qışqırmaq üçün ağzını açmışdı ki, yuxarıdan birbaşa önünə tullanan Semiqonu gördü. Semiqonun gözlərindən od püskürürdü. Ovçu nə isə izah eləməyə çalışırmış kimi qarşısındakı ayı boyda insana əlini uzadaraq dayanması üçün işarə elədi. Lakin bu, onu Semiqonun ağır zərbəsindən qurtarmadı. Yaralı ovçu bir neçə addım geriyə uçub dəydiyi ilk ağaca çırpılıb yerə uzandı. Semiqon eyni kin və nifrətlə geri dönüb yerdə oturan ikinci ovçuya baxdı. Ağzını açmamış yerdəki gənc gözündən yaş süzülərək mızıldanmağa başladı:
– Dayan, Semiqon, yalvarıram dayan…
– Hamzar hanı?!
Bu sual bütün meşədə, hətta Dirmada belə eşidildi. Yerdə oturan cavan qorxusundan iki dəfə udqundu və güclə dedi:
– Meşənin qərbindədir… O, sağdır, ölməyib… Kripsoya çıxan tərəfində… Yaraladım, bilmədim, istəmirdim belə olsun, mən sadə….

Şimal ovçuları insan irqinin mənsubları idi. Onlar Arçibaldın şimal və şimal-qərbində yerləşən yerli əhali arasından seçilirdilər. Hər fəsil bu ərazilərdə yerləşən kəndlərdə baş tutan sınaqdan uğurla keçən döyüşçülər bu ada layiq görülürdü. Əvvəllər bu cür ovçular yaşayış məntəqələrinin müdafiəsi və gündəlik işlərlə məşğul olurdular. Yüksək icmada insan irqinə söz haqqı verilmədikdən sonra şimal ovçuları döyüşçü təbəqəyə çevrildi. Onların çoxu Arçibaldın digər irqlərinə qarşı çıxan Folian adlı insana qoşudular. Folin və yandaşları məğlub olsa da, şimal ovçuları döyüşçü təbəqə olaraq da qaldı. Vaxt keçdikcə onlar detron sıralarında xidmət göstərməyə başladılar.
Bartun
Otağın pəncərəsi gecədən açıq qalmışdı. Səhərin sərin mehi içəri dolmuş, dört divarla bağlı məkana gül qoxulu çəmənlik ətri yaymışdı. Neyla gecəni çox rahat yatmışdı, buna görə də gümrah ayılmışdı yuxudan. Hər səhər olduğu kimi bugün də şərqi Arçibalddan gətizdirdiyi çiçəklərlə çay içmək üçün ayağa qalxmışdı artıq. Üzərində döyüş libasının altından geyindiyi dəri paltar vardı. Dəri paltarı Neylanın incə bədəninə daha da ecazkarlıq bəxş edirdi. O, yan otağa keçərək uzun fəsillər əvvəl atasının cənub yürüşlərindən gətirdiyi aynanın qabağında dayanıb özünü süzdü bir müddət. Belinə qədər uzanan uzun, çəhrayı saçlarını yığıb arxadan bağladı. Bədənini tərpətmədən üzünü aynaya daha yaxın tutdu. Əllərini düz, nazik qaşlarının üzərində gəzdirdi. Yatdığı şirin yuxudan ayıldığı üçün yanaqları ağappaq, dodaqları isə həmən qar bəyazının içində parlayan al qırmızı kəpənəyə oxşayardı. Geri dönərək çiçək çayını dəmlədikdən sonra əlindəki saxsı fincan ilə pəncərəyə yaxınlaşdı. Bartun bu gün daha gözəl idi sanki. Şəhərin şərqindəki Enşi çayının təmiz havası daş yollarla örtülmüş küçələrdə hiss olunurdu. Neylanın evinin qarşısındakı çörəkxana artıq işinə çoxdan başlamışdı. Hətta iki detron səhər yeməyi üçün çörəkçinin qarşısında növbə gözləyirdi. Neyla çayını içdikdən sonra yuyunub döyüş libasını geyindi. Çöl qapısını açıb Bartunun gözəl havasını bir daha ciyərlərinə çəkdi. Çörəkxananın qarşısındakı detronlardan biri geri dönərək Neylanı görər-görməz əllərini bədənlərinin qarşısına gətirərək çarpaz şəkildə detron salamı verdi. Detronlar Arçibaldın müdafiə sistemindəki ən alt ordu xidmətçiləri sayılırdılar. Onlar sadə kəndlilərdən, ovçulardan, səyyarlardan vəzifəli olsalar da, döyüşçülər arasında ən aşağı rütbə idi detron. Neyla isə cənub döyüşçüsü idi. Cənub döyüşçüləri də nə vaxtsa detron olublar, lakin göstərdiyi xidmət və cənub yürüşlərində iştirak etdikləri üçün onlara bu rütbə layiq görülüb. Cənub döyüşçülərinin əksəriyyəti artıq yaşamırdılar, Neyla isə onlardan tək-tük qalan döyüşçülərdən idi. Ümumiyyətlə, artıq cənuba yürüşlər uzun fəsillərdir dayandığı üçün bu rütbə heç kəsə verilmirdi. Yerdə qalan döyüşçülərin çox hissəsi isə cənubdan ağır yaralı qayıtdıqları üçün müəyyən vaxtdan sonra həyatlarını itirmişdilər. Neylanın atası da sonuncu getdiyi yürüşdən yaralı qayıtmış və bir fəsil belə tamam olmamış həyatını itirmişdi. Artıq Neyla kimi döyüşçüləri hər şəhərdə bir və ya bir neçə yerdə, şəhərin müdafiəsindəki rəhbərlər sırasında görmək olur sadəcə. Bartun isə Arçibaldın cənub və şərq sərhədlərini qoruyan şəhər olduğu üçün Neyla, demək olar ki, bir neçə fəsildir burdadır artıq. Yüksək icmadan hər hansı əmr gələnə kimi də burda olacaq.
Neyla detron salamına qarşı başını yelləyərək:
– Uğurlu sabahlar, – deyərək kifayətləndi. Artıq ağır addımlarla cənub qapılarına doğru irəliləməyə başladı. Bartun Dirmaya nisbətən böyük şəhər idi. Lakin burda ən çox səyyar ticarətçilər olurdu. Yerli əhali isə ancaq orduda xidmət göstərirdi. Bəzi məişət işlərindən əlavə şəhərdə başqa hər hansı məşğuliyyət tapmaq mümkün deyildi. Nə əkinçilərə rast gəlmək olurdu, nə də hər hansı uşağa. Şəhərdə hər cür irqdən və qəbilədən varlıqlar küçədə o yana-bu yana ticarətlə məşğul olurdular. Bartun da insan ticarətçiyə az rast gəlinirdi. Uzun fəsillər əvvəl cənubdan gələn varlıqlar Bartun və ətraf bütün kəndlərdəki insanlara hücum çəkmiş, demək olar, sağ insan qoymamışdılar. Sağ qalanlar isə orta Arçibalda, Barkova və ətraf kəndlərə qaçmışdılar. Həmən dövrlər geridə qalsa da, insanların yaşadığı qorxular onlara bura yenidən qayıtmağa imkan vermir. Şəhərdə eldin ticarətçilər ən çox gözə çarpırdı. Onları digər irqlərdən fərqləndirən önə çıxan uzun sifətləri və demək olar ki, yerə çatan əlləridir. Boyları insan boyları ilə eyni olsa da, bu fərqli bədən quruluşuna görə onları insanlardan ayırd etmək çox da yorucu olmur.
Neyla artıq cənub qapılarına çatmışdı. Onu kabil irqindən olan iki detron qarşıladı. Kabil irqi Arçibaldın ən qədim və ən ibtidai irqi sayılır. Onlar insanlara bənzəsələr də, fiziki cəhətdən inanılmaz gücə malikdirlər. Bir kabil fərdinin gücünü bəzən üç insan gücünə bərabər tuturlar. İbtidai irq olmaqlarının səbəbi isə meşələrdə və mağaralarda yaşamağı üstün tutmaqlarıdır. Ümumiyyətlə, divar və ya taxta evlərdə yaşayan bir kabil belə yoxdur. Detron dəstələrində xidmət göstərən kabillər belə gecəni açıq havada yatmağa üstünlük verirlər. Neyla detronlara çatarkən eyni detron salamı ilə qarşılandı. Qapıların sağ və sol hissələrində hər on beş addımdan bir daşdan gözətçi qüllələri inşa edilmişdi. Hər qüllədə gündüz bir, gecə iki detron cənubu həmişə nəzarətdə saxlayırdılar. Neyla ona ən yaxın sağ qülləyə taxta pilləkənlərlə çıxdı. Cənuba, bütün Arçibaldın “Cənub Boşluğu” adlandırdığı əraziyə baxdı. Bir anlıq gənc və gözəl döyüşçü bu ərazilərin nə qədər canlar aldığını fikirləşdi. Bu qədər döyüşlər görsə də bu torpaqlar, hələ heç kəs və heç bir irq cənub boşluğunun hansı sirləri gizlətdiyini bilmirdi. Hətta bəzən bu qədər ordunun bu əraziləri niyə və nədən qoruduğunu da bilmirdi Neyla. Uzun fəsillər əvvəl “Qara qüvvələrin” başçısı, hal-hazırda adının qadağa olunduğu bir insanla mübarizə aparırdı Arçibald. Lakin hər kəs bilir ki, qara qüvvələr məğlub oldu və qalan tərəfdarları da aclıqdan cənub boşluğunda tələf oldular. Amma yenə də Yüksək İcma bu sərhədlərdə nədənsə ehtiyat edirlər.
Neyla arxasındakı rutin şəhər səs-küyü ilə qarşısındakı cənub boşluğunun ölüm səssizliyi arasında incə bir xətdə, gözətçi qülləsində gününü necə keçirəcəyi barəsində fikirləşirdi. Sakit bir gün planlaşdırırdı. Ya şəhərin şimalındakı yeni detronlarla görüş keçirdəcək, ya da elə cənub qapılarında gəzəcəkdi. Bu fikirlərin içərisində cənuba zillənən cavan qız onu aşağıdan səsləyən insan detronu ikinci dəfədən eşitdi. Geriyə dönüb belindən azacıq aşağıda sallanan xəncərindən tutaraq şəhərin enli küçəsinə baxdı. Onu çağıran orta boylu detron idi. Detron münasib vəziyyətdə olmadığı üçün birinci salamlaşmaq istəmədi, lakin sonra Neylanın sərt baxışları altında detron salamı verərək dedi:
– Cənub döyüşçüsü, sizi şəhər başçısı çağırır.
Neyla başıyla təsdiq edərək aşağı endi və cənub qapılarını geridə qoyaraq şəhər mərkəzinə ağır addımlarla irəliləməyə başladı. İnsan detron isə onun tam arxasında bir az sağ tərəfdə eyni sürətlə davam edirdi. Başçının evi onun həm də iqamətgahı sayılırdı və şəhər məsələləri ilə bağlı hamı ora müraciət edirdi. İqamətgah detron evinin yanında yerləşirdi. Bu, həm təhlükəsizlik baxımdan, həm də hər hansı əmr olarsa, dərhal icra olunması üçün belə inşa olunmuşdu. Neyla iqamətgaha irəliləyərkən şəhərin mehmanxanasının qarşısında dayandı. Onu mehmanxanın qarşısında duran varlıqlar cəlb etdi. Hansı irqə aid olduqlarını təyin etmək olmurdu. Neylanı ən çox narahat edən bu olmaqla yanaşı, onların öz aralarında danışdığı dil idi. Cavan döyüşçü Arçibaldın, demək olar, bütün dillərini bilirdi, amma bu üç varlığın danışıqları ona tanış gəlmirdi. Onlar həm də qəribə geyimləri ilə də diqqəti cəlb edirdilər. Qarşısını düz uzun xətt kəsən qara libasın ayaqları yerə dəyir, varlıqların üz hissəsində isə gözlərindən başqa heç nə görsənmirdi. Çəhrayı başlıq üz hissələrini tam örtsə də, libasları kimi qara saçları səliqəli şəkildə arxaya tökülmüşdü hər üç qəribə varlıqda.
Neyla özündən asılı olmayaraq dayanıb sanki illərdir görmədiyi yoldaşlarına baxırdı. Onu yanına yaxınlaşan detronun səsi özünə gətirdi.
– Döyüşçü, siz yaxşısız?
Sanki yuxudan ayılan döyüşçü detrona tərəf dönərək:
– Mən özüm başçının yanına gedərəm, müşahidəçiyə ehtiyacım yoxdur. Sən ordakı, – əlini mehmanxananın qarşısındakı varlıqlara uzatdı, – varlıqların kim olduğunu öyrən. Burda nə edirlər və kimdirlər? Yerli əhalidən olmadıqları açıq-aydın bilinir. Lazım olsa, mehmanxana işçilərini də sorğula, bildirərsən ki, mənim göstərişimlə soruşursan.
İnsan detron özlərinə xas salamlamayla əmri təsdiq etdi və mehmanxanaya yönəldi. Neyla isə gözünü varlıqlardan ayıraraq yoluna davam etdi.
Şəhərin küçələri iqamətgaha tərəf daha da genişlənir, ətraf evlər daha da gözəlləşirdi. Sanki şəhərin inşasına mərkəzdən, başçının iqamətgahından başlanıb və getdikcə ətraflara doğru daha həvəssiz inşa edilmişdi. Halbuki, Bartun şəhərinin əsası cənub qapılarının və bir neçə qüllənin inşası ilə başlamışdı. Daş evlərin birini də keçdikdən sonra Neyla artıq başçının evini görəcəkdi. Lakin bu hündür binaların arxasında detron evi və iqamətgah tərəfdən təşviş səs-küyü eşidilirdi. Neyla addımlarını daha cəld ataraq, demək olar, narahatlıqla özünü küçənin başına çatdırdı. Gördüyü mənzərə və xaos onu bir az çaşdırdı. İqamətgahın qarşısında iyirmiyə yaxın detron evinin çıxışında və küçələrdə bir o qədər də detron döyüşçüləri nəyisə müzakirə edirdilər. Neylanın onlara necə yaxınlaşdığını belə hiss eləmədilər. Cənub döyüşçüsü onlara çataraq ucadan qışqırdı:
– Nə baş verir burda?!
Bütün döyüşçülər eyni anda çaşqınlıqla geri dönsə də, Neylanı gördükdə hamısı, demək olar, eyni anda detron salamı verdi. Salamlama əsnasında əllərini önlərində çarpaz tutarkən çıxan səs ağır gurultu səsi çıxardaraq bütün Bartuna dərin səssizlik çökdürdü. Bütün döyüşçülər geri çəkilərək Neylanın iqamətgaha keçməsi üçün koridor yaradanda aralarından daha təcrübəli kabil detron irəli çıxaraq izahat verməyə çalışdı.
– Bizi bağışlayın, hər kəs təlaşlıdır. Yaxşısı budur, siz içəri keçin, başçı sizə vəziyyəti izah eləsin.
Neyla heç nə demədən içəri keçmək üçün addımlayanda daş divarlar arasındakı taxta çərçivəli pəncərədə ona baxan başçı Hetranı gördü. Hetra cənuba yürüşlərdə iştirak etsə də, ona cənub döyüşçüsü titulu verilməmişdi. Çünki o, bu yürüşlərdə sadəcə təbib kimi iştirak etmiş, yaralıların şəfası və şəhərə daşınması ilə mükəlləf olmuşdu. Amma buna baxmayaraq, o, əzəldən şəhərin idarə heyyətində yer aldığı üçün ondan təcrübəli başçı tapmaq olmazdı. Bartunun əsl keşikçisi qoca Hetra idi. Ötən fəsillər onun üzündə qırışlar yaratsa da, belini bükməmiş, əksinə, şəhəri üçün daha da əzmkar olmağı öyrətmişdi. Saçına ağ düşmüşdü, lakin hər kəs ümid edirdi ki, hələ uzun illər Bartunun yıxılmaz dirəyi olaraq qalacaq Hetra. Neyla da ona rəğbət bəsləyirdi. Atasının ölümünü görmüş bu yaşlı başçı həmişə Neylanın qayğısına qalmış, ona atasızlıq hissini az da olsa, unutdurmuşdu. Amma bugün nə isə düz getmirdi Hetra üçün, onun gözlərində narahatlıq hiss olunurdu. Neyla bunu ona yuxarıdan baxan Hetranın üzündəki ciddilikdən başa düşürdü. Cənub döyüşçüsü artıq bir neçə saniyə sonra onun yanında idi.
– Salam, Hetra. Nə baş verir? Aşağıdakı həngamə cənub qapılarından eşidilir.
– Keç, əyləş, qızım. – Hetra əli ilə öz oturacağının qarşısındakı dəri oturacağı göstərdi.
– Səni bu qədər narahat görməmişdim uzun müddətdir.
– Bu gün çapar gəldi Barkovadan, Yüksək icmadan xəbər gətirdi.
Neyla cavab vermədən sadəcə dəri oturacaqda əyləşdi və diqqətlə dinləməyə davam elədi. Hetra isə köksünü ötürərək davam etdi:
– Dirmanın şimalında, Qara dağlara aparan yolda ovçu kəndi yerləşir. Adı Vayzodur. Qara dağlardakı Barkovanın kəşfiyyat dəstələrindən biri bildirib ki, ora hücum hazırlanır.
– Necə yəni hücum?
– Məsələ elə burasındadır…
– Yoxsa qərbdə yenidən quldur dəstələri peyda olub?
– Xeyr, Neyla, bu dəfə məsələ daha ciddidir.
Hetra sanki bir yerdə dayana bilmirdi. Otağın bir küncünə keçir aramla danışır, yenidən digər küncünə qayıdaraq narahatlıq keçirirdi. Əllərini ağ düşmüş saçına apararaq davam etdi:
– Kəşfiyyatçı dəstələr tam əmin deyil, amma bildirirlər ki, Vayzoya tərəf gedən qrados dəstəsidir…
Neyla bunu eşidəndə ayağa qalxdı. Az qalsın yaşlı Hetranın qocalığına görə çaparı düzgün başa düşməməklə hədələyəcəkdi:
– Necə yəni? Bu nə nağıldır danışırlar onlar? Qradosların nəsli tamamilə kəsilib! Onları heç son cənub yürüşlərində belə görməyiblər! Ya sənə çapar nəyisə səhv çatdırıb, ya da…
– Ya da nə? Mən nə danışdığımı bilmirəm?
– Xeyr, Hetra, mən belə demək istəmirdim…
– Mən səni başa düşürəm. Amma bunlar gerçək ola bilər. İki fəsil əvvəl Barkovanın şimalında, Qara dağların ətəyində Livas adlı kiçik bir kəndə hücum olmuşdu. Kəndin əhalisi yaxınlıqdakı göldən balıqçılıq edərək yaşadığı üçün kənddə nə ovçu, nə də döyüşçü yaşayırdı. Onları sadəcə Qara dağların ətəyindəki meşəyə aparan yolda, kənddən bir neçə vilron aralı detron qülləsi qoruyurdu. Şimal soyuq olduğu üçün üç, bəzən də dört detron gözətçilik edirdi əraziyə. İki qış əvvəl gecə kəndə basqın olmuş, sübh tezdən dört kəndlinin parçalanmış ölü bədənləri tapılmışdı daxmalarında. Hər kəs bunu şimalın yırtıcı varlıqları tərəfindən hücum olaraq qəbul etdi. Lakin Yüksək icma bununla razı deyildi…
Hetra artıq yorulmuş kimi Neylanın önündəki oturacağa əyləşərək əli ilə digər oturacağı göstərərək gənc döyüşçüdən də oturmasını xahiş etdi. Neyla oturduqdan sonra davam etdi:
– Bu hadisə hər kəs üçün vəhşi hücumu olaraq tarixə keçdi. Bütün kənd əhalisi də bununla razılaşdı. Lakin ən dəhşətlisi bu deyildi. Livasın şimalındakı qüllədəki detronlar həmən gecə yoxa çıxdılar.
Neylanın üzündəki ifadə dəyişmişdi artıq. O, sanki artıq nələrin baş verdiyini bilirmiş kimi başını astaca sağa-sola yelləyərək dedi:
– Həmən gecə neçə detron qüllədə idi?
– Dört…
– Deməli, dört detron bir gecədə yoxa çıxıb? Şimala göndərilən detronların daha təcrübəli olduqlarını nəzərə alsaq, belə çıxır ki, onlara hər hansı vəhşi heyvan və ya bir neçə varlıq qalib gələ bilməzdi.
– Elədir ki, var. Buna görə Yüksək icmanın qərarı ilə yeni detron və qərb ovçularından dəstə yaradıldı. Hamısı təcrübəli və ağır döyüşlərdə iştirak etmiş dəstə üzvlərinin arasında hətta Barkovadan cənub döyüşçüsü də yer alırdı. Lakin onların kimlikləri hər kəsdən gizlədilirdi. Bunun səbəbi qarşılaşacaqları müsibətlərin gizli qalması və əhalini təşvişə salmaması üçün əlavə sualların yaranmaması idi.
– Sonra? – Neyla səbirsizliklə soruşdu.
– Dəstə şimala irəlilədi. Qara dağlara üç gecəlik səyahət oldu və geri döndülər. Amma o qaranlıq və günəş üzü görməyən qarlı dağlarda nə tapdıqlarını Yüksək icma gizli saxladı. Lakin nə tapmışdılarsa, çox əhəmiyyətli olduğunu hər kəs bilirdi.
– Hetra, sən indi demək istəyirsən ki, o dəstə həmən fəsil qradoslarla qarşılaşıb, ya necə?
– Bilmirəm, əmin deyiləm. Amma bu gün gələn xəbər məni heç təəccüblədirmədi.
– Bəs Yüksək icma sadəcə bunu xəbər vermək üçün çapar göndərib Bartuna?
– Yox, onlar Bartundakı ordunu hazır vəziyyətə gətirməyimi və şimal-qərbə dəstə göndərməyimi əmr edirlər.
Neyla yenidən oturduğu yerdən qalxaraq şəhər başçısına detron salamı verərək dedi:
– İcazənlə, mən könüllüyəm, Hetra.
– Mən bunu deyəcəyini bildiyim üçün artıq dəstə üzvlərini də seçmişəm. İqamətgahın qabağındakı detronlardan otuzunu özünlə apar. Tövsiyyə edirəm ki, daha təcrübəli olanları seçəsən, nə ilə qarşılaşacağımızı bilmirik. Sənin vəzifən sadəcə Vayzoya çatmaq, yerli ovçularla birləşib kəndlilər Dirmaya çəkilənə qədər onları hər hansı hücumdan müdafiə etməkdir. Deyilənlər doğrudursa, ovçular qrados gördükdə qorxub qaça bilərlər. Mən xaos yaranmasını istəmirəm.
Qoca başçı əlini geyindiyi qara libasın içəri tərəfinə apararaq ciblikdən tünd qırmızı dəmir üzük çıxartdı. Üzüyü Neylaya uzadaraq dedi:
– Bunu götür, üzərindəki möhür bütün Arçibaldda sənə sərhədsiz etimadnamə verəcək. Yüksək icmaya xidmət edirsən artıq, Neyla, sənə uğurlar, qızım. Ehtiyatlı ol.
Sözünü bitirdikdən sonra Hetra cənub döyüşçüsünə detron salamı verdi. Eyni cavabı gənc döyüşçüdən aldıqdan sonra üzünü yenə taxta çərçivəli pəncərəyə tutaraq səssiz Bartunu seyr etməyə davam etdi. Neyla otaqdan çıxıb küçəyə çıxan qapının ağzına endi. Onu görən detronlar öz aralarındakı söhbətlərini dayandıraraq cənub döyüşçüsünə tərəf çevrildilər. Neyla əlində saxladığı möhürlü üzüyü sağ işarə barmağına taxaraq əlini belindəki xəncərin üzərinə qoydu. Bir neçə addım qabağa gəlib bütün detronların onu aydın görəcəyi mövqedə dayanaraq dedi:
– Qorxusuz detronlar! Arçibaldın bu gün bizə ehtiyacı var! Hazırsınızmı?
Bütün döyüşçülər əllərini sanki uzun fəsillərdir bunu gözləyirmiş kimi bədənlərinin önündə çarpazlaşdırıb eyni anda üç dəfə var gücləri ilə “Arçibald!” qışqıraraq detron salamı verdilər.

Bartun şəhəri Arçibaldın cənub-şərqində yerləşir. Bu şəhər uzun fəsillər əvvəl kiçik kənd olaraq salınmışdı. Daha sonra bura detronların əsas düşərgəsinə çevrildi. Cənubdan gələn hücumların qarşısını almaq üçün ən əlverişli məntəqə sayılırdı.
Arilərin gəlməsi ilə artan hücumlardan sonra Bartun şəhər adlanmağa başladı və ətrafı daş divarlarla hasarlandı. Arçibaldın bütün cənub sərhədləri bu şəhərdən qorunurdu. Bartunun daimi başçısı yox idi. Detronlara başçısılıq edən şəxs, həm də şəhərin başçısı sayılırdı.
Ölümlə tanışlıq
Səhər ətrafı az da olsa, aydınladırdı, lakin meşənin hündür ağacları Semiqonun qaçdığı yola yenə qara kölgə salmağa davam edirdi. O, nəfəsinin ağırlaşdığını hiss eləsə də, dayana bilməzdi. Hamzar yaralı vəziyyətdə meşənin Kripso dənizi ilə sərhədində onu gözləyirdi. Bəxti gətirmişdi, Hamzar huşunu itirməmiş, yarasının üzərini sıxmış və qan axmasını az da olsa, ləngitmişdi. Əks halda hər şey üçün artıq gec ola bilərdi. Semiqon addımlarını daha da sürətli atmağa çalışsa da, artıq dayanmalı olduğunu hiss edirdi. Ciyərlərinə sancı girmişdi, səhərin şaxtası üzünü kəsir, aclıq isə həyəcana qarışaraq düzgün fikirləşməyə imkan vermirdi. Artıq Hamzarı sağ-salamat tapacağına ümidi azalarkən uzaqdan ağacların seyrəldiyini gördü. Bu, o deməkdir ki, artıq meşənin çıxışına yaxınlaşmışdı. Dayanıb ətrafına baxsa da, dostunu görə bilmirdi. Önə əyilərək əllərini dizlərinə apardı və tez-tez köksünü ötürərək nəfəsini tənzimləməyə çalışdı. Ətrafa göz gəzdirsə də, Hamzarı görə bilmirdi. Dikələrək və nəfəsini dərindən alaraq qışqırmağa başladı:
– Hamzar! … Hamzar!
Lakin cavab olaraq sadəcə səssizik eşidilirdi. Semiqon öz ətrafında dairəvi şəkildə addımlar ataraq hər tərəfə göz gəzdirərkən özündən bir neçə ağac aralıda, qarın üzərində qırmızı qan izləri gördü. Fikirləşmədən o tərəfə yönələrək izlərin yeddi-səkkiz addım uzandığı tərəfə irəlilədi. İzlər bitəndə isə yerdə hərəkətsiz dostunun bədənini gördü. Hamzar üzü qara tərəf uzanmışdı. Semiqon onun ehtiyatla sağ qolundan tutaraq bədənini yuxarı çevirməyə çalışarkən yaralı ovçu digər əlindəki xəncəri az qala dostunun qarnına soxacaqdı. Semiqon cəld hərəkətlə bədənini geri çəkərək dedi:
– Dayan, Hamzar, dayan, dostum, bu mənəm.
Hamzar üzünə bulaşmış qara görə gözünün birini aça bilmir, digərini isə açıb-yumaraq Semiqona baxırdı. Əlindəki xəncəri yerə ataraq boğuq səslə dedi:
– Semiqon, səni görəcəyimə ümid etmirdim. Mən yaralıyam, deyəsən, iki ovçu, sınaqdakı iki ovçu mən…
– Bilirəm, dostum, yorma özünü. Səni çıxaracam burdan. Ayağa qalxa bilərsən? Sadəcə qalxıb əllərini boynuma keçir.
– Kömək eləsən, qalxa bilərəm, yəqin ki.
Semiqon dostunun qollarından tutaraq qarın üzərində otuzdurdu və sonra yarasına baxdı. Sivri oxun ucu Hamzarın belindən, ürəyindən bir neçə barmaq yuxarıdan girmiş, ön hissədən də döş qəfəsini yarıb çıxmışdı. Vəziyyəti ağır olduğu üçün təbibsiz oxu çıxartmaq mümkün deyildi. Semiqon sadəcə ön hissədən çıxan sivri ucu ehtiyatla bədəndən çölə çıxan hissədən qırdı. O, bunu etdi ki, Hamzar onun boynundan yapışanda ox həm öz bədəninə batmasın, həm də yaralını incitməsin. Hamzar çox qan itirdiyi üçün ağrıya cavab verə bilmirdi. Sadəcə əllərini qabağa ataraq Semiqonun boynundan yapışdı. Semiqon dostunun əllərini önündə çarpazlaşdırdı və öz əliylə Hamzarın dirsəklərindən tutdu. Meşənin dərinliyinə irəliləməyə başladı.
Demək olar ki, gün ortası idi. Meşə səhərə nisbətən aydınlanmışdı və ətrafı artıq seçmək olurdu. Semiqon çiynindəki dostu ilə meşənin tən ortasına çatmışdı. Qarşısındakı dağın digər tərəfi Vayzo, arxasında isə yeddi və ya səkkiz vilron məsafədə Dirma şəhəri yerləşirdi. Dağa çıxsaydı, zirvədəki təcrübəli ovçuyla birlikdə Hamzarı kəndə daha tez çatdıra bilərdi, nəinki təklikdə Dirmaya getsəydi. Dağın ətəyindən gələn səs-küyə əsasən təyin edə bilirdi ki, artıq digər ovçular dağa dırmaşırlar. Deməli, artıq qərb maralı ovlanılmış və iştirakçılar kəndə qayıtmaqdaydılar. Hava küləksiz olduğu üçün Semiqon zirvəyə ən yaxın iki ovçunu seçə bilirdi. Ovçuların birinin çiynində qərb maralı sallanırdı. Maralın cansız bədəni ovçuya ağırlıq versə də, görünür, qalibiyyət hissi daha güclü olduğu üçün səngimədən zirvəyə yaxınlaşırdı. Yanındakı ovçu isə bir neçə addım aralıda axsayaraq qalxırdı. Semiqon bu iki ovçunun Hamzarı yaralayan xainlər olduğunu anlamışdı. Ovçu olmaq Semiqona görə müqqəddəs bir vəzifə sayılırdı, amma bu cür alçaqlıqla və xəyanət edərək ovçu olmaqdansa ölməyi üstün tuturdu. Dağın ətəyinə baxarkən içindəki kin və nifrət bir-birinə qarışan Semiqonu əlləri boşalan Hamzarın xırıltısı özünə gətirdi. Semiqon cəld aşağı əyilərək dostunu yanındakı ağaca söykədi. Gözləri yumulu olan Hamzarın dizinə kimi axan qırmızı qan bütün libasını tünd rəngə bürümüşdü. Semiqon da onun yanında əyləşərək çarəsizcə dostuna dedi:
– Sənin təmbəl olduğunu bilirdim, amma bu qədər də yox..
Hamzar sanki bu zarafatı eşitdikdə yuxudan ayıldı:
– Deməli, məni daşımaq səni bu qədər taqətdən saldı? Mən elə bilirdim sən kəndimizin ən qüvvətli ovçususan…
– Demək, yatmırsan. Məni bütün yolu darıxmağa məcbur eləməkdə məqsədin nə idi?
– Mənə bilirsən nə maraqlıdır, Semiqon?
– Nə?
– Yadında, söz vermişdin ki, bu yarışda məğlub olsan, zirvəyə çıxanda daşıdığımız qayaları diri-diri udacaqsan?
– Mən məğlub olduğum təqdirdə bunu edəcəyimə söz vermişdim, amma indi, gördüyün kimi ikimiz də məğlub olmuşuq.
Hamzar bir az doğrulub özünü arxaya itələyərək başını ağaca söykədi və davam etdi:
– Semiqon, belə olmağını istəməzdim. Sən mənim dalımca gəlməməliydin, axırım, onsuz da, parlaq deyil. Artıq gözüm qaralır, onsuz da. Deyəsən, bu sondur.
Semiqon tez ayağa qalxaraq:
– Boş-boş danışma, hazırlaş, gedirik.
Semiqon yaxınlaşıb dostunu qaldırmaq istədikdə Hamzar onu əli ilə geri itələdi və öskürməyə başladı. Ağ rəngə boyanmış dodağının qırağından bir neçə qan damcısı ayaqlarının arasındakı qarın üzərinə düşdü. Belini ağaca dirəyib başını göyə tutaraq dedi Hamzar:
– Əziz dostum, mən, bilirsən ki, sağollaşmağı sevmirəm, çabalamağı, ümumiyyətlə, sevmirəm. Ona görə yorma məni, sən əlindən gələni elədin. Mən bu gün məğlub olmadım, sənin arxamca gəlməyin mənim əsl qərbli kimi bir ömür yaşadığımın sübutudur. Çox sağol hər şeyə görə, Semiqon…
Semiqon ayağa qalxıb arxasını Hamzara dönərək bir neçə addım geridə dayandı. Üzündəki qəmginliyi dostunun görməsini istəmirdi. Köksünü ötürərək geriyə dönmədən dedi gənc ovçu:
– Hamzar, mən əminəm ki, sən də mənim üçün bunları edərdin. Mən sənsiz qayıda bilmərəm kəndə. Yadında, dəmirçi daxmasının yanındakı balıqçının qızı? Uşaqlıqdan bəri o qızın arxasınca düşürdün, amma sənə tərəf baxmırdı da. Qışın əvvəlində Luziylə oynayanda qızların söhbətini eşitdim. Səndən və o qızdan danışırdılar. Görünür, o da qəlbini sənə verib. Ona görə qalx və gedək.
Semiqon bunu deyib geriyə, dostuna tərəf döndü. Lakin artıq Hamzar başını çiyninə əymiş və gözünü əbədi yummuşdu. Gənc ovçu dostuna yaxınlaşıb yanında oturdu. Dizlərini qabağında qatlayıb əllərini dizinin üstünə atdı. Gün artıq axşama doğru gedirdi. Semiqonun içində dərin hüzn yaranmışdı bugün. Heç vaxt ağlamamışdı bu yaşına kimi. Çünki atası, yaşlı Permon anası vəfat edəndə Semiqona anasının son sözlərinin “oğlumuza de ki, heç vaxt ağlamasın” olduğunu demişdi. Fəsillər ötdükcə bunun balaca bir uşağa deyilən yalan olduğunu anlamışdı Semiqon, amma bu ona anasından son vəsiyyət kimi yadında qaldığı üçün heç vaxt ağlamamışdı. Lakin bu günü istisna edə bilərdimi deyə fikirləşirdi. Hamzar kimi dostu itirmək ona çox ağır gəlirdi. Mərd bir ovçu olacaqdı dostu, birlikdə şimala ova gedəcəkdilər. Uşaqlıqdan bəri Qara dağların fərqli varlıqlarını xəyal edib onlara necə qalib gələcəkləri barədə danışardılar. Artıq bu xəyalları yanında cansız bədənin sahibi ilə birlikdə basdıracaqdı.
Qərb adətlərinə görə, ovçu əgər döyüşdə ölürsə, elə həlak olduğu yerdəcə dəfn olunmalı idi. Hamzar həm döyüşdə ölməmişdi, həm də ovçu adını qazana bilməmişdi. Amma Hamzarı əsl qərbli ovçu kimi basdıracaqdı Semiqon. Gün batmamış ayağa qalxdı və meşədə gəzərək nazik, düz qaya parçası tapdı. Qayanı başqa qayaya çırparaq hər iki tərəfdən itilədi. Daha sonra qışın soyuğundan zəifləmiş budaqlardan qalın bir parça qıraraq itilədiyi qayanı ona bərkitdi. Belindəki yayı çıxardaraq onun möhkəm bağlarını sökdü. Qayanı budağa bərkitdi yayın bağları ilə. Hamzarın cansız bədənindən on addım aralıda torpağın üzərindəki qarı təmizlədikdən sonra dərin çuxur qazmağa başladı.
Artıq gecənin qaranlığı ətrafı əhatə etmişdi. Semiqon işini bitirmişdi, lakin köhnə dostu ilə sağollaşmaq istəmirdi. Sonuncu dəfə Hamzarın cansız bədəninə baxdı və onu qucaqlayaraq qazdığı çuxura saldı. Üzərini yenidən örtməyə başladı. Köhnə dostunu tam basdırdıqdan sonra Hamzarın xəncərini kom torpağın üzərinə qoydu. Ayağa qalxdı və Vayzoyla arasındakı dağın zirvəsinə baxdı. Çiskin duman yenə zirvəni görməyə imkan vermirdi. Uzun müddətdir dağın bu tərəfindəydi Semiqon və yəqin ki, digər iştirakçılar artıq kəndə gün batımına kimi çatmışdılar. Hamzarı öldürənlər isə müxtəlif yalanlarla Semiqonu gözləyir, hər cürə fırıldaq fikirləşmişdilər. Semiqonun atası yaşlı Permon isə, yəqin, narahatlığından artıq dağa tərəf gəlməyə başlamışdı. Hələ balaca Luzinin Semiqonu necə səbirsizliklə gözlədiyini isə təsəvvür belə etmək olmurdu. Bu fikirlərin arasında gənc ovçuya dərin, amma bir o qədər də ağır hisslər çökürdü. Bunun nə olduğunu bilmirdi Semiqon. Kin, nifrət, qisas hissi – hamısı bir-birilə yarışırdı indi. O, sanki özünə yad olan bir dünyada özünə yad olan bir şəxs idi. O, bu gecə, bu qaranlıq meşədə fəsillər öncə, anasını itirəndə keçirtdiyi hisslərə yaxın bir hiss keçirdirdi. Amma bu gün daha hiddətli idi Semiqon, çünki artıq uşaq deyildi və hər şeyə müdaxilə edə bilərdi. O isə hansısa ağacın üzərində gizlənib qərb maralını gözləyirdi. Ölümlə tanış oldu bu gün Semiqon. Uduzmuşdu bu gün, uduzmaqla yanaşı dostunu itirmişdi bu oyunda. Amma dayana bilməzdi, sınaq onun üçün indi başlayırdı. Özünü ələ alıb yeyin addımlarla dağa tərəf getməyə başladı.
Ayın işığı dağın ətəyini parladırdı. Qarın üzərinə düşən şüalar əks səda verərək adamın gözünə zər dənələri kimi gəlirdi. Semiqon yorğun olmağına baxmayaraq, içindəki hisslərin qarmaşığında zirvəyə çıxırdı. Bu dəfə geri dönüb Dirma şəhərinə baxmadı belə. Çünki qəlbində gözəl mənzərələrə yer yox idi. Bir neçə addımdan sonra artıq əli düz torpağa dəydi. İki əliylə bədənini dağın zirvəsindəki düzənliyə qaldırdı. Duman yox idi, amma qəribə olan budur ki, onu gözləyən təcrübəli ovçu da gözə dəymirdi. Ətrafa boylandı və bir az irəlidə maralın cəsədini gördü. Bu qədər qəribəlik xeyrə əlamət deyildi. Sınaqdan iki nəfər hələ meşədə ola-ola zirvədəki ovçu kəndə qayıda bilməzdi. Lakin, tutaq ki, ovçu qayıtdı, qərb maralını bura qaldıran iştirakçılar niyə qənimətlərini burda qoyub getmişdilər? Semiqon fikirləşmədən dağın kəndə baxan hissəsinə yaxınlaşdı. Gördükləri bu gənc ovçuya hələ Arçibaldın qəddarlığının qabaqda olduğunu göstərirdi. Vayzo kəndi od içində idi. Daxmaların bəzilərindən od qalxır, bəziləri isə artıq sönmüş yanğının tüstülərini buraxırdı havaya. Semiqon havadakı qan qoxusunu duyurdu. O, bu gün ölümlə tanış olmuşdu və yenə onun varlığını hiss edirdi.
Zirvədən aşağı o qədər cəld düşməyə başladı ki, az qalsın əlini qayalardan ayırıb aşağı uçacaqdı. Həyəcan və qorxunun insanın bütün mümkün fiziki cəhətlərini ortaya çıxartdığının sübutu idi bu. Artıq dağın dibində idi Semiqon. Ayağı düz yerə dəyən kimi qaçmağa başladı kəndə sarı. Gənc bir neçə vilron məsafəni bir göz qırpımında qət etdi. Kəndin Dirmaya aparan yolun girişində yavaşladı. Addımları səngiyərək onu sanki geri qaytarmağa çalışırdı. Kəndin girəcəyindəki bir neçə daxma tam alov içində yanırdı. Taxta daxmaların alovun təsiriylə çıxardığı şaqqıltı səsini Semiqon iliklərinə kimi hiss edirdi. Bu, yuxu ola bilməzdi. Əsas küçəyə girən kimi daha bərk addımlamağa başladı. Hər tərəfdə parça-parça olmuş kənd camaatı yatırdı. Cəsədləri sanki içəridən yarıb daxili orqanlarını hər tərəfə səpələmişdilər. Balacadan-böyüyə, cavandan-yaşlıya, qadın və ya kişi fərq qoyulmadan öldürülmüşdü hər kəs. Meydana bir neçə addım qalmış yerdə başı bədənindən ayrılmış daha bir cəsəd uzanmışdı. Semiqon cəsədin kimə aid olduğunu bilirdi. Bu, Hamzarın qatili olan ovçulardan biriydi. Amma kin və qisas artıq öz yerini qorxuya tapşırmışdı. Özü üçün qorxmurdu Semiqon, görəcəkləri üçün qorxurdu. Daha bir neçə addımdan sonra şəhər meydanına daxil oldu. Qətliam törədilmişdi. Ən mərkəzdə parçalanmış atlar uzanmışdı, sanki hamısı sıra ilə düzülüb doğranmışdı. Bir az öndə isə yaşlı Miron və səkkizə yaxın ovçu cəsədi səpələnmişdi. Görünür, bunu edənlərə müqavimət göstərməyə çalışırdılar, amma küçələrdə əhalidən başqa hər hansı başqa varlığın cəsədi yox idi. Bu qədər insan nəyin qarşısında belə aciz qala bilərdi axı?

Xəyanət
Barkova orta Arçibaldın ən böyük şəhəri sayılırdı. Şəhər dört bir yandan qala divarları ilə əhatələnmişdi. Divarları hər on addımdan bir daş qüllələr əhatə edirdi. Bəzi qüllələr digərlərinə nisbətən daha kiçik, amma ərazisi böyük idi. Hündür qüllələrdə şəhər gözətçiləri dayanır, kiçik qüllələrdə isə gözətçilərdən başqa, uzaq məsafədəki hədəfləri vurmaq üçün qurğular yerləşdirilmişdi. Bu qurğular böyük qaya parçalarını və yağla dolu fıçıları bir göz qırpımında bir neçə vilron məsafəyə ata bilirdilər. Şəhərin ətrafı düzənlik ərazilərlə əhatə olunmuşdu. Arçibaldın ən böyük əkin sahələri bu ərazilər sayılırdı. Uzun fəsillər əvvəl cənubdan gələn hücumlardan qaçan Bartunun qaçqın insanları bu ərazilərdə öz məharətlərini göstərmiş və Barkovanı əkinçilər cənnətinə çevirmişdi. Barkova Arçibaldın bütün qida ehtiyatını özündə saxlayırdı. Buna görə şəhər sübh tezdəndən gecə yarısına kimi ticarətçilərlə və səyyarlarla qaynayırdı. Şəhərin girişi qərb tərəfdə qalın, polad qapılarla qonaqlarını qarşılayırdı. Girişin burda olmağının səbəbi Barkovanın şərqində, otuz vilron məsafədə Flartos şəhərinin yerləşməsi idi. Flartos Enşi çayının enli sahilində yerləşirdi və şərq diyarından gələn səyahətçilər birinci bura, sonra da Barkovaya gəlirdilər.
Barkova qərbdə Dirma şəhəri, şimalda bir neçə kənd və Qara dağlar, cənubda isə Bartun detronlarının qoruduğu sərhədlərlə qonşu idi. Şəhərin küçələri enli və səliqəli daşlarla düzülmüşdü. Bütün küçələrdə Arçibald dilində müxtəlif istiqamətlər göstərilən taxta işarələr yerləşirdi. Küçələrin qıraqlarında ticarətçilərin mallarını daşıdığı arabalar dayanmışdı. Bəziləri atlara qoşulmuş səyyar satıcıların, digərləri isə yerli ticarətçilərin olan qoşqular müxtəlif yükləri daşıyırdılar. Şəhərin tikililəri həddindən artıq səliqəli və əzəmətli görünürdü. Evlərin üzəri Enşi çayının rəngli daşları ilə bəzənmişdi.
Barkovaya daxil olduqdan sonra hündür şəhər divarlarının ardında, mərkəz tərəfdə başı göylərə dəyən tikili görünürdü. Bu, Arçibald sarayı idi. Saray şəhərin şimal tərəfində yerləşir və ətrafını qışda belə yaşaran bitki örtüyü bürüyürdü. Sarayı ari irqinin döyüşçüləri müdafiə edirdi. Arilər Arçibaldın ən ali və ən müdrik irqi hesab olunurdu. Yüksək icmanın da rəhbəri ari irqindən idi. Arilər uzun fəsillər əvvəl cənub boşluğundan köç etmişdilər Arçibalda. Həmən dövrlərdə Arçibaldın qurucuları arilərə Barkovanın cənub-qərbində, Dirmanın cənubundakı əraziləri verdi. Qurucular onların əkinçilik və balıqçılıqla məşğul olacağını düşünərkən arilər əksinə, elm və texnologiya ilə maraqlanmağa başladılar. Uzun vaxt keçmədi ki, artıq həmən ərazilərdə Qumdes şəhəri inşa edildi. Qumdes qədim ari dilində “ucalıq” deməkdir. Bu şəhərdə arilər daş tikililərdə yox, həddindən artıq hündür ağaclarda yaşayırdılar. Bu bitkiləri adi ağaclardan fərqləndirən xüsusiyyət arilərin onların köklərini cənubdan gətirdiyi torpaqla bərkitməsi idi. Bu torpaq Qumdes ağaclarına sadə ağaclardan on-on beş dəfə daha böyük və daha hündür böyüməyə imkan verirdi. Bu cürə ağaclar sadəcə Qumdes şəhərində bitirdi və Arçibaldın başqa heç bir yerində rast gəlmək olmazdı. Çünki arilər öz sirlərini başqa heç bir irqlə paylaşmırdı. Arçibaldda yerləşdiyi bir neçə fəsil ərzində Qumdes sərhədlərini arilərin öz döyüşçüləri qoruduğu üçün cənub sərhədindəki detronlar oradakı gözətçi qüllələrini ləğv etmişdilər. Müdafiə sistemi mükəmməl olan Qumdesə bu vaxta kimi cənubdan bir dəfə belə olsun hücum olmamışdı. Hətta Barkovanın müdafiə qurğularını da arilər inşa etmişdi. Lakin bu qədər qüdrətli olmaqlarına baxmayaraq, ari irqinin üzvləri heç vaxt Arçibalda xəyanət etməmiş və ya hökmranlıq üçün nə isə iddia etməmişdilər. Buna baxmayaraq, ötən fəsillər ərzində bütün Arçibald əhalisi arilərin ali varlıqlar olduqlarına əmin olmuş, yenidən qurulmuş “Yüksək icma”-ya onların rəhbərlik etməsini istəmişdilər.
Arçibald sarayının qapıları qızılı rəngə çalırdı və qarşısında daha iki ari döyüşçüsü dayanmışdı. Arilər hamısı uzunboy, arıq bədən quruluşuna sahib varlıqlardır. Lakin uzun qolları və cəld hərəkətləri onları seçilmiş qılınc ustaları edirdi. Sarayın dəhlizlərini divarlardan asılmış məşəllər işıqlandırırdı. Bu işıqlar əsas zala qədər uzanırdı. Hər üç məşəldən bir isə əlində uzun nizə tutmuş ari döyüşçüləri heykəl kimi dimdik dururdu. Yüksək icmanın üzvləri əsas zalda toplanırdılar. Zalın qapıları sarayın çöl qapılarından daha əzəmətli duruşa sahib idi. Sanki Arçibalddan başqa bir dünyaya açılacaqdı iri, qızılı polad qapılar. Əsas zalın qarşısında da ari döyüşçüləri dayanmışdı, lakin onlar digərlərindən fərqlənirdi. Uzun, qızılı libasları bədənlərinə daha kip oturmuş, beldən isə eyni rəngdə parça ilə bağlanmışdı. Bu ari döyüşçülərini “qızılı döyüşçülər” adlandırırdılar. Onlar birbaşa Yüksək icmanın şəxsi müdafiəçiləri sayılırdı və saylarını heç kəs dəqiq bilmirdi. Xüsusi təlim görmüş bu arilər hər hansı döyüşdə iştirak etmədikləri üçün onların nəyə qadir olduğunu heç kəs bilmirdi. Amma onlar Arçibaldın ən təlimli döyüş dəstəsi olaraq tanınırdılar.
Əsas zalın tam ortasında dairəvi şəkildə masa dayanmışdı. Masanın ətrafında palıdı rəngdə oturacaqlar düzülmüş və masaya tərəf sıxılmışdı. Bir neçə oturacaq isə sahibi ilə birlikdə arxaya çəkilmişdi. Masanın başında, yuxarı hissədə arilərin və Yüksək icmanın başçısı müdrik Xomera əyləşmişdi. Sağındakı oturacaqda kabil irqinin başçısı Loran, ondan bir masa aşağıda isə eldinlərin rəhbəri Zavlof oturmuşdu. Onlarla üzbəüz oturacaqda, Xomeranın sağında, şərqi Arçibaldda yaşayan və sayca azlıq təşkil edən klirk irqinin başçısı Akard əyləşmişdi. Klirklər uzun fəsillər əvvəl Barkova və Flartos şəhəri ətrafında məskunlaşmışdılar. Onlar bu ərazilərə şərqdən, Enşi çayının digər tərəfindəki diyarlardan gəlmişdilər. Boyca orta boylu olan bu varlıqlar başları bədənlərinə nisbətən böyük və əlləri daha qısa göründüyü üçün uşaq görünüşünə sahib idilər. Döyüşkən bir xarakterə malik deyildilər klirklər. Buna səbəb isə onların ilk Arçibalda gəlişiylə bağlıdır. Klirklər Arçibalda işğalçı kimi gəlmişdilər uzun fəsillər əvvəl, lakin insanlar tərəfindən ağır məğlubiyyətə uğradıqları üçün köləyə çevrilmiş, Yüksək icma qurulduqdan sonra yenidən azad əhali kimi yaşamağa başlamışdılar.
Xomera bu gün çox fikirli görsənirdi. Arilər adi insanla müqayisədə bir neçə dəfə çox yaşadıqları üçün yaşı iki yüz fəsli ötməsinə baxmayaraq, Xomeranın üzündə bir dənə də cizgi yox idi. Ayağa qalxaraq masadan bir az geri çəkildi və əsas zalın bir küncünə zilləndi. Loran və Zavlof sakit, səssiz onu izləyirdilər. Zaldakı səssizliyi Akard pozdu:
– Bu gün mənə bəzi məlumatlar çatıb, Xomera. Səyyarların dediklərinə görə, Flartosa şərq diyarından xəstəlik düşüb. Əhali narahatdır.
Xomera ağır hərəkətlə geri döndü və masanın başına qayıtdı, lakin oturacağa əyləşmədi. Akarda cavab kabil başçı Lorandan gəldi:
– Necə bir xəstəlikdən söhbət gedir?
Akard Xomeranın ona cavab verməyəcəyini başa düşdü və üzünü Lorana tutdu:
– Ciddi bir xəstəlikdir. Deyilənə görə, bu xəstəliyə yoluxan əhalinin baş ağrısı və ürək bulantıları dayanmır.
– Bunun nəyi ciddidir?
– Sən bilirsən ki, Flartosdakı əhali bir gün işləməsə, nə baş verər? Bütün Enşi çayından gələn qida ehtiyatımız sıfıra enər. Ona görə ciddi xəstəlik dedim, Loran.
Zavlof dizlərinə çatan əllərini eldinlərə xas masanın üstündə çarpazlayaraq söhbətə müdaxilə etdi:
– Məncə, Akard haqlıdır. Buna biganə yanaşmaq olmaz. Qida ehtiyatımızdan əlavə, Flartos bizim ticarət açarımızdır.
Hər başçı öz fikrini irəli sürərkən Xomera heç nəyə cavab vermir, diqqətlə digər Yüksək icmanın üzvlərinə qulaq asmağa davam edirdi. Loran üzünü müdrik ariyə tutaraq dedi:
– Xomera, sən bu məsələyə necə baxırsan?
Xomera əllərini arxaya apararaq birləşdirdi. Dərin nəfəs alıb sözə başladı:
– Əziz Yüksək icma üzvləri, hər biriniz öz irqinizin ən alisi və müdrikləri olaraq bu masada əyləşmisiniz. Biz bu günə kimi Arçibaldı qorumuşuq. Hər kəsdən, hər canlıdan və ümumiyyətlə, hər şeydən. Lazım gəlib müqəddəs bildiyimiz Yüksək icmanı da buna qurban vermişik, – bu sözdən sonra Zavlof əllərini masadan yığışdırıb yanına apardı, – amma mənim uzun fəsillərdir qorxduğum hadisə, görünür, artıq başlayıb.
Loran özündən asılı olmayaraq ayağa qalxdı və ürkək səslə kabil irqinin başçısına xas olmayan həyəcanla soruşdu:
– Necə yəni, Xomera? O qayıdıb?
– Bəli, əziz dostum Loran, qayıdıb.
Akard Flartosdakı xəstəliyi kənara qoyub Xomeradan soruşdu:
– Buna əminik?
Müdrik ari klirk başçıya da əmin olduqlarını bildirdi. Artıq Akard da narahatlığını biruzə verirdi. Sadəcə Zavlof soyuqqanlı şəkildə soruşdu:
– Bəs kitab? O, Ölülərin kitabını tapdı?
– Bəli, dostum, Folian artıq kitabı tapıb…
Bunu deyərkən digər üç başçının gözləri bərəldi. Zavlof yenidən danışmağa başladı:
– Görünür, sən onun adını səsləndirirsənsə, artıq Arçibaldın sonu gəlib. Məndən qabaq eldinlərin başçısı da, mən özüm də deyirdim ki, onu tapıb öldürmək lazımdır.
Xomera üzündə hər hansı dəyişiklik hiss etdirmədən dedi:
– Biz onu öldürə bilməzdik, qanunları bilirsən. Əgər onu öldürsəydik, xəyanət etdiyini insanlar bilsəydi, sən indi Arçibaldda bir nəfər də olsun insan irqinin nümayəndəsini tapa bilməzdin.
– Bəs bu xəbəri hardan aldın?
– Qara dağların qəlbində gizlədilən kitab oğurlanıb. Mən bunu bir neçə fəsil əvvəl bildim, ora göndərdiyimiz kəşfiyyat dəstəsi bunu mənə çatdırmışdı. Sizinlə bölüşmək istəmirdim, çünki fikirləşmirdim ki, bu, Folianın işi ola bilər. Dəstədə göndərdiyimiz cənub döyüşçüsü geri dönməmişdi həmən gün. Əvvəl fikirləşmişdim ki, hansısa axmaq cənub döyüşçüsü kitabı oğurlayıb öz başçıları kimi Arçibalda müharibə açmaq istəyir. Buna çox da əhəmiyyət vermirdim, çünki kitabı Foliandan başqa heç kəs idarə edə bilməzdi. Amma bir neçə gün əvvəl şimaldakı kəşfiyyat dəstəsi Dirma tərəfə gedən qrados birləşmələrini görüb.
Digər Yüksək icma üzvləri sanki ölümlərinin ayaq addımlarını eşidirmiş kimi Xomeraya qulaq asırdılar. Müdrik ari isə davam edirdi:
– Bildiyiniz kimi, qradosları sadəcə Ölülərin kitabı vasitəsi ilə idarə etmək olar. Bartun başçısı Hetraya göstəriş verdim ki, şimal-qərbə dəstə göndərsin. Qara dağlarla sərhəddə Vayzo kəndi yerləşir və qradosların istiqaməti də oraydı. Güman edək ki, gecikməmişik…
Loran səbirsizcə:
– İcazənizlə, Barkovadakı döyüşçülərdən bir hissəsini götürüb Dirmaya, ordan da Vayzoya gedim.
Xomera əliylə dayanmağını göstərərək bildirdi:
– Xeyr, dostum, Bartuna xəbər göndərmişəm, ordakı detron ordusu Barkovaya gəlir artıq. Sən onlarla birləşərək şimala, Qara dağların bitdiyi meşəliklərə gedəcəksən. Düzənlikdə ordunun meşədən çıxmasını gözləyəcəksən. Zənnimcə, düşmən Barkovaya hücum edəcək. Vayzo sadəcə bizi çaşdırmaq üçün həmlədir. Həm də biz Barkovanı itirsək, Arçibaldı itirmiş olarıq. Nəyin bahasına olursa-olsun, bu şəhər işğal oluna bilməz.
Loran başıyla təsdiqlədikdən sonra əsas zalın çıxış qapısına doğru irəliləyərək “Qapı!” deyərək bağırdı. Həmən an qapılar açıldı və kabillərin başçısı növbəti hazırlıqlar üçün zaldan çıxdı. Akard hələ də gözünü döyərkən Zavlof dilinin altında bir ad pıçıldayırdı qorxaraq:
– Folian, Folian, o qayıdıb.
Folian uzun fəsillər əvvəl Yüksək icmanın üzvü, insan irqinin başçısı idi. O, Xomeradan da müdrik bir insan idi. Onun fikirləri və məsləhətləri ilə Arçibald gücünə güc qatırdı. Orduda keçirtdiyi islahatlarla detronları və ariləri daha təlimli döyüşçülərə çevirdi. Cənub boşluğu ilə olan sərhədləri möhkəmləndirdiyi üçün sərhədyanı ərazilərdə əkinçilik dirçəldi. Öz irqi isə ona böyük rəğbət bəsləyirdi. Onun müdrikliyinin şahidi olan arilər Folianı cənubun bütün sirlərini bilməsi üçün Qumdesə dəvət etdilər. Bir fəsil orda yaşayan Foliana sadəcə bir kitab qadağan olundu, “Ölülərin kitabı”. Cənubun şərini daşıyan bu kitab bütün dəhşətlərin səbəbi kimi göstərilirdi. Arçibald əfsanələrinə görə, cənub varlıqları sülhsevər və müharibədən uzaq varlıqlar olublar. O vaxta kimi ki, Qara qüvvələr bu kitabı yaradıb qrados irqindən birinə verdikdən sonra hər şey dəyişilib. Ölülərin kitabı ətrafındakıları kin, nifrət, ölüm hissinin daşıyıcılarına çevirirdi. Lakin arilər bu kitabı qradoslardan oğurlamış və Arçibaldda gizlətmişdilər. Qara qüvvələrin qarşısı alınmışdı, ya da hər kəs belə düşünürdü. Folian Qumdesdə artıq əbəs vaxt itirdiyini düşünürdü. Onu bir kitab maraqlandırdığı üçün şəhəri tərk etmirdi. O, bütün sirləri bilməli idi. O, insan irqinin daha ali olduğunu Arçibalda sübut etmək istəyirdi. Budur, həmən gün gəldi, Folian kitabı arilərin qanunlarını pozaraq oxudu. Oxuduğu andan kitabla arasında bir əlaqə yarandı və kitabı oğurlayıb şimala qaçdı. Bütün şimal ovçularını ətrafına yığdı. Öz irqinin başçısı olduğu üçün hər kəs Folianın çağırışına cavab olaraq toplaşdı. Lakin hər kəs onun fikirlərini eşitdikdə dəli olduğunu fikirləşdi. Folian Arçibaldı insanların idarə etməli olduğunu, bu idarəçiliyə boyun əyənlərin insanlara xidmət edərək yaşamalı, digərlərinin isə öldürülməsini mühüm bilirdi. Foliana dəli deyən çox olsa da, onun tərəfini tutanlar da az olmadı. Bir fəsil belə keçməmiş şimalda döyüş baş verdi. Yüksək icmanın qərarı ilə Arçibald ordusu bu cəfəngiyata xidmət göstərənlərin öldürülməsi üçün şimala gəldi. Arilər, insanlar, kritlər, kabillər və eldinlərdən ibarət ordu Folianın qarşısında dayandı. Folian da bu müddət ərzində hazırlaşmışdı. O, kitabın qara qüvvəsi ilə vəhşi varlıqları özünə tabe etmiş və bəzi insanların qəlbinə nifrət ləkəsi salmışdı. Böyük döyüş oldu. Hər irq minlərlə ölü verdi həmən gün. Folian uduzdu və əsir götürüldü. Lakin bütün Arçibaldın insan başçıları Yüksək icmaya müraciət edərək onlardan Folianın sağ buraxılmasını istədi. Onun öldürülməsi insan irqi üçün ləkə demək idi. Əvəzində isə insanlar Yüksək icmanın qərarlarına qarışmayacağına, öz irqlərinə başçı seçməyəcəklərinə və icmaya sadiq olacaqlarına and içdilər. Belə də oldu, Folian cənuba sürgün olundu. Ölülərin kitabı isə ari irqindən bir döyüşçüyə verildi. O, kitabı Qara dağların dərin mağaralarında gizlətdi və kitab bir daha heç kim tərəfindən tapılmasın deyə özünü qarlı dağlarda öldürdü. Beləliklə, müsibətlərin kitabı ömürlük gizlədildi və yerini bilən tək canlı da öldü.
Artıq gün batarkən Xomera Zavlofla sarayın uca eyvanında durub şimala baxırdılar. Zavlof dedi:
– Səncə, nələr baş verəcək?
– Mənim fikrimcə, artıq Folian, – əlini şimala, Qara dağlara tutaraq, – bax, orda, kitabı tapıb və qorxunc bədheybətləri qara qüvvələrin köməyi ilə Arçibalda çağırıb bizi gözləyir.
– Necə yəni bizi?
– O, çox ağıllı insandır. Mənim əcdadlarım onu bir dəfə məğlub edib. Amma o, kitaba yiyələndiyi üçün bu qədər yaşaya bilib. Fikrimcə, bu qədər vaxta artıq daha müdrik olub. İndi üzərimizə gəlmirsə, deməli, nəyisə gözləyir. Bizim Qara dağlara yürüş etməyəcəyimizi bilir. Deməli, nəsə səhvimizi gözləyir. Qradoslarını ona görə kiçik kəndlərin üzərinə salır…
Zavlof köksünü ötürdü. Uzaqdan sıralı addım səsləri gəlməyə başladı. Lakin bu səs şimaldan deyil, cənubdan, şəhərdən gəlirdi. Hər iki Yüksək icma üzvü otağa keçərək digər eyvana çıxdılar. Şəhəri işıqlandıran məşəllərin arasındakı küçələrlə Bartunun qorxusuz ordusu addımlayırdı. Onlar Yüksək icmanın əmriylə artıq Barkovada idilər. Loran və ətrafındakı ari döyüşçüləri artıq küçədə onların rəhbərləri Hetra ilə danışırdılar. Loran adət-ənənələrə sadiq biri olaraq Hetranı görəndə detron salamı verdi. Cavab olaraq eyni salamı aldıqda onunla birlikdə bütün detron ordusu eyni salamı verdi. Əllərin bir-birinə toxunmasından çıxan kütləvi səs bütün Barkovada da vulkan partlayışı kimi əks-səda verdi. Daş binalardan və taxta çərçivədən əhali küçələrdəki detronlara baxaraq öz aralarında pıçıldaşır, dört nəfərdən ibarət ard-arda düzülən döyüşçü sıralarının arasında qaçan balaca uşaqları kənara səsləyirdilər. Loran Hetraya yaxınlaşaraq dedi:
– Xoş gəldin, köhnə dostum.
Hetrayla Loran hələ cənub yürüşlərindən bir-birlərini tanıyırdılar. Hetra gülümsəyərək dedi:
– Xoş gördük, başçı Loran. Deyəsən, köhnə günlərə qayıdırıq.
– Xeyr, dostum, məncə, köhnə günlər üçün darıxacayıq.
Loran əli ilə sarayı göstərərək Bartunun yaşlı başçısını içəri dəvət etdi.
Çox çəkmədi ki, artıq bütün Yüksək icma üzvləri və yaşlı Hetra əsas zalda müzakirələrə başlamışdılar. Bütün üzvlər oturmuş, Hetra isə masanın aşağı hissəsində, bir neçə addım aralıda göstərişləri gözləyirdi. Xomera üzünü Hetraya tutaraq dedi:
– Hetra, dediyimiz kimi Vayzoya dəstə göndərildimi?
– Bəli, Xomera, əmrinizə uyğun olaraq bir cənub döyüşçüsü və otuz detron bir neçə gün əvvəl yola çıxıb artıq. Əgər hər hansı çətinlik yaşanmayıbsa, artıq Dirmada olmalıdırlar.
– Niyə bu qədər az döyüşçü göndərmisiniz?
– Cənub döyüşçümüz təcrübəlidir, bundan əlavə isə ona sizin möhrünüzü təqdim eləmişəm ki, şimal ovçularından da dəstək götürsün.
– Aydındır, bundan sonra Loran sizə başçılıq edəcək. Barkovadan da ari döyüşçüləri götürərək şimala irəliləyəcəksiniz.
Üzünü Lorana tutaraq davam etdi müdrik ari:
– Əziz dostum, ümid edirəm hər şey düşündüyümüz kimi olar. Danışdığımız kimi, biz müdafiədə qalmalıyıq. Folianın nə qədər güclü olduğunu bilmirik. Amma onunla şəhər ətrafında qarşılaşmaqdansa, açıq ərazidə mübarizə etməyimiz yaxşı olar.
– Razıyam, Xomera, icazə versəniz, detronlar dincəlsin, sübh tezdən şəhərdən ayrılaq.
Xomera başını aşağı-yuxarı edərək təsdiqlədi və ayağa qalxdı. Bütün başçılar da eyni anda ayağa qalxdılar. Müdrik ari hər kəsə bir-bir baxaraq ucadan dedi: “Yaşasın Arçibald!”. Hər kəs eyni anda “Arçibald!” deyərək üç dəfə yüksək səslə təkrar-təkrar qışqırdılar.
Səhər tezdən artıq Loran və Hetra şəhər qapısında duraraq döyüşçülərin şəhərdən çıxmasını müşahidə edirdi. Bir ari döyüşçüsü əlində iki atın yəhəri ilə onlara yaxınlaşdı. Yəhərləri götürən başçılar atlara mindilər və üzü şimala döndülər. İki şəhərin ordusu birləşmişdi, amma əsas qüvvələr şəhərlərin müdafiəsi və sərhədlərdə qaldığı üçün cəmi minə yaxın döyüşçü gün batımına kimi artıq Qara dağların ətəyindəki meşələrə çatmışdı. Hava burda Barkovadan qat-qat soyuq olduğu üçün döyüşçülər tonqal qalamağa və ətrafına yığışmağa başladı. Hər on addımdan bir yanan tonqalların işığı ətrafı aydınlatsa da, qaranlıq meşənin içi görünmürdü. Çadırlar qurulmuş və növbə ilə döyüşçülər yatmağa başlamışdı. Döyüşün nə vaxt və ya ümumiyyətlə, olub-olmayacağı bilinmədiyi üçün hər kəs istirahətə çəkilmişdi.
Loranın çadırının qarşısında iki nizəli ari keşik çəkirdi. Uzaqdan çadıra yaxınlaşan Hetra göründü. O, tam çadırın qarşısına çatanda arilərdən biri başçının oyaq olub-olmadığını yoxlamaq üçün Hetradan gözləməyini xahiş elədi. Həmən an içəridən “buraxın, gəlsin” deyə kabil başçısı qışqırdı. Hetra başını aşağı-yuxarı yelləyərək təşəkkürünü bildirib çadıra daxil oldu. Loran Hetranı görərək yerə sərilən yun parçanın üzərindən durdu. Hetra:
– Bağışla, dostum, səni narahat etmək istəmirdim.
– Narahat etmədin, buyur.
Loran əli ilə qarşısındakı digər yun parçanı göstərdi. Hetra dizlərini ayaqlarının altına qatlayaraq oturdu. Otaqda tən ortada asılmış yağ lampasının işığı közərirdi. Hetra lampaya baxaraq dedi:
– Bəzən Arçibaldı bu közərən işığa bənzədirəm…
– Necə yəni? – Loran təəccüblə soruşdu.
– Qüdrətli görünsə də, məğlubiyyət bir addımlığımızdadır.
Loran başını geri ataraq bərkdən güldü:
– Dostum, biz məğlub olmamışıq və inanmıram ki, bizi hər hansı qüvvə məğlub edə bilsin.
– Bəlkə də, sən deyən düzdür, Loran, amma biz hələ mübarizəyə başlamamışıq.
– Sən nə isə bilirsənsə, mənimlə bölüşə bilərsən, Hetra.
– Yox, sadəcə ağır gün olacaq sabah…
Hetra bunu deyərək ayağa qalxdı və icazə istədi. Loran başı ilə təsdiq etdikdən sonra Bartunun başçısı çadırdan çıxdı. Loranı isə narahat edən bir məsələ qaldı. Sabah nə olacaq? Döyüş olsa belə, Hetra bunu hardan bilir? Bu fikirlər beynində cavabsız qalsa da, kabil olduğu üçün tez yadından çıxardı və yatdı.
Səhərin soyuğu çadırın içərisində soyuq hava cərəyanı yaratmışdı. Azacıq açıq qalmış çadırın girişindən içəri soyuq hava dolur, eyni şəkildə çadırda fırlanaraq çölə çıxırdı. Loran tam oyanmasa da, artıq yatmırdı. Onu yerindən durmağa detron təbili məcbur etdi. Bu təbil ancaq həyəcan anında çalınırdı. Deməli, artıq hər şey başlayırdı, ya da düşərgədə nəsə baş vermişdi. Loran tez ayağa qalxdı, ağır qılıncını gecə yatarkən qoyduğu yerdən götürüb belinə bərkitdi. Çadırın qabağına çıxanda hər kəsin düşərgənin şimalına qaçışdığını gördü. Çadırın keşikçilərindən birinə atını gətirməsini əmr elədi və bir neçə göz qırpımında atı yanında idi. Tez atın belinə qalxdı, amma çadırların arasından heç nə görmədiyi üçün qabağa çaparaq düzlənməyə çalışan sıranın qabağına çıxdı. Gözlərinə inana bilmirdi. Meşənin sıx ağaclarının arasındakı qara kölgələrdən çölə qradoslar çıxırdı. Əllərində sevimli silahları olan baltalar isə səhərin ilk işıqları ilə parıldayırdı. Qorxunc görsənirdilər bu varlıqlar. Şimal qışının və Qara dağların soyuğunda bədənlərində sadəcə dirsəklərinədək libas, eyni parçadan da dizlərinə qədər uzanan geyim var idi. Şaxta belə kəsmirdi dərilərini. Uzun, önə çıxan sifətlərinin qarşısında burunlarından və alt dodaqlarından çıxan hava buxarlaşırdı. Loranı çaşdıran bundan əlavə meşədən bir neçə təkgözün çıxması oldu. Bu varlıqların nəsli uzun vaxtdır kəsilmişdi. Hətta Arçibalddan belə qədimdə yaşamışdı təkgözlər. Həddindən artıq enli bir sırada ard-arda düzülürdülər qradoslar. Sağdan-sola hər on addımdan bir isə aralarında təkgözlər dayanmışdı. Təkgöz adı kimi alnında tək gözü olan, on-on iki addım böyüklüyündə, əllərində ağac kötükləri olan varlıqlar idilər. Ayaqları yalın, bədənlərində isə bellərindən aşağı libas sallanırdı. Hamısı dəhşətverici dərəcədə xırıldayır və sanki əmr gözləyirdilər.
Loran cəld orduya dönərək “Düzlənin!” deyə bağırdı. Ömürlərində əksəriyyətinin birinci dəfə gördüyü varlıqlar detronları çaş-baş salmışdı. Arilərsə əksinə, artıq öz mövqelərini almış, bellərindəki yaylarına ox taxıb əmr gözləyirdilər. Loran iki yüz addıma yaxın eni olan sıranın qabağında atını bu başdan-o başa çapmağa başladı. “Detronlar! Düzlənin!”. İkinci bağırtı detronları özlərinə gətirdi. Sıra hərc-mərc olsa da, artıq hər kəs öz yerini aldı. Loran sol əlini göyə qaldırdı, sol tərəfə yerə tərəf işarə elədi. Bu əmri başa düşən nizəçi detronlar sıranın qabağına çıxaraq bir dizlərini yerə atıb nizələrinin bir tərəfini torpağa bərkitdilər. Loran sağ əlini göyə qaldırdı bu dəfə, sıranın arasında təbillərin ritmik səsləri eşidilməyə başladı. Bu, o deməkdir ki, Arçibald ordusu döyüşə hazırdır artıq.
Detronlarla qradoslar arasında altı yüz-yeddi yüz addımlıq məsafə vardı. Meşənin dərinliklərindən boğuq ayı nəriltisinə bənzəyən bir səs gəldi. Qradoslar əvvəl addım-addım irəlilədilər. On beş-iyirmi addımdan sonra çıxardıqları xırıltı gur nəriltəyə dönərək hücuma keçdilər. Sanki fəsillərdir ac qalan vəhşini ovun üstünə buraxmışdılar. Qaçmağa başlayanda ayaqlarını yerə elə çırpırdılar ki, qar dənələrinin titrədiyini hiss eləmək olurdu. Onların arxasınca qaçan təkgözlər isə sanki yarışdaymışlar kimi qradosları keçib detronlara birinci çatmağa çalışırdılar.
Düşmən, təqribən, iki yüz addımlıq məsafədə olanda Loran göydə saxladığı əlini aşağı saldı. Təbillərin səsi kəsildi və oxlarını yaya taxan arilər nizəçilərin qabağına keçərək düşməni nişan aldılar. Eyni anda yaydan ayrılan oxlar üzərilərinə qaçan düşməni sadəcə ləngitdi. Bəzi qradoslar boğaz və başına dəyən oxlardan üzü üstə yerə çırpılıb bir neçə addım irəli süründülər. Qol və bədənlərindən ox yarası alan qradoslar isə eyni sürətlə davam edirdilər. Bəzi vəhşilərin ayaqlarından ox girsə də, sadəcə sürətləri azaldı. Arilər ikinci oxlarını yaya keçirtdilər. Loran qışqıraraq “Təkgözləri nişan alın!” deyə bağırdı. Oxlar yaydan ayrıldı, lakin üzərilərinə qaçan təkgözlərdən sadəcə biri yerə yıxıldı. Oxlardan biri gözündən girmiş, sürətlə gəldiyi üçün, demək olar ki, vəhşinin beynini dağıtmışdı. Loran “Hazır olun!” əmrini verdi. Oxçu arilər nizəçilərin arxasına, detronların yanına keçdi. Sıraya bir neçə addım qalmış qradoslar baltalarını göyə qaldırdı. Düz xətt üzrə detronlara çırpıldılar vəhşilər. Qradosların bəzilərini nizə deşərək göydə sallaq şəkildə saxladı. Bəzi vəhşilər sıranın ortasına kimi girib baltasını ətrafında fırladaraq bir neçə detronu doğradı. Loranın atına ön tərəfdən təkgözlərdən biri əlindəki kötüklə vuraraq başçını at qarışıq sıranın ortasına atdı. Arilərdən biri cəld hərəkət edərək qradoslardan birini qolunun altından xəncərlə doğradı, dizlərini yerə atan vəhşinin ani zərbəylə başını bədənindən ayırdı. Geri dönməyə macal tapmamış belində bədənini deşən caynaqları hiss elədi. Arxasından gələn qrados uzun dırnaqlı caynaqlarını döyüşçünün qarnına kimi salıb çıxartdı. Ağzından qan damcılıyan ari üzü üstə yerə çırpıldı. Sıra dağılmışdı artıq. Təkgözlər əllərindəki kötükləri sağa-sola fırladaraq qarşısındakı xırda detronları on-on beş addım uzağa atırdı. Bu məsafədən yerə çırpılan döyüşçülərin əksəriyyəti artıq ayağa qalxmır, qalxa bilənləri də qradoslar baltayla iki yerə ayırırdılar. Kabil detronlar qorxusuzca vuruşurdular. Hər biri qradoslarla tək vuruşurdu. Kabil detronlar Arçibaldın fiziki cəhətdən ən böyük döyüşçüləri olsa da, qradosların yanında balaca görsənirdilər. Ətrafı bəzəyən ağ qarı axan qan qırmızı gölə çevirirdi. İnsan detronlardan biri qarşısındakı qradosu bir neçə yerindən yaralamaşdı. Amma bu, vəhşini yavaşlatmırdı, əksinə, daha da hiddətləndirirdi. Detron döyüşçü qılıncı üstünə şimşək kimi düşən baltanın qabağına tutur, özünü ancaq müdafiə edirdi. Bu cür üzləşmə həmişə qradosların xeyrinə qurtarırdı döyüşdə. Bir neçə sarsıdıcı zərbədən sonra detronlar müvazinətini itirir, sonuncu balta zərbəsi ilə param-parça olurdular. Bəzi arilər təkgözləri ani hərəkətlə ayaqlarından yaralaya bilirdilər. Yekəpərlər isə ləng hərəkət etdiyi üçün çevik döyüşçüləri tuta bilmir, sadəcə əllərindəki kötüyü ətraflarında fırladırdılar. Bu da çox çəkmirdi. Qradosların sayı həddin artıq çox olduğu üçün vəhşilər ariləri yaralayır və yavaşladır, təkgözlər isə tərpənməkdə çətinlik çəkən döyüşçüləri ayaqları ilə əzirdilər. Bu döyüş çox davam edə bilməzdi.
Loran yanında bir neçə ari və detronla qradosların əhatəsinə alınmışdı. Arilər nə qədər təcrübəli olsalar da, düşmənin sayca çox olması və detronların təkgözlər tərəfindən dağıdılması onların da bir-bir öz qanları içində yerə yıxılmağına səbəb olurdu. Loran qılıncını qarşısında dayanan qradosun ayağına soxdu. Vəhşi yerə əyilən kimi arxasına keçərək belindən qılıncı sinəsindən çıxana kimi itələdi. Yenidən geri çəkərək qılıncını yanında nərildəyən başqa bir qradosun düz təpəsinə atdı. Başı yarılan qrados arxaya, beli üstə yerə dəydi. Geridən gələn başqa vəhşinin zərbəsi Loranın boynunu dağıtmağa az qalmış mühafizəçi arilərdən biri özünü silahın qabağına atdı. Balta arıq döyüşçünün bədənini yarıya kimi böldü və qrados balta qarışıq arini qırağa atdı. Loran silahsız qaldığı üçün ağır zərbəylə qradosun üzünə yumruq atdı. Geri bir-iki addım çəkilən qrados yıxılmadı. Loran qarşısında, yerdə uzanmış ölü detronun əlindəki qılıncı götürmək üçün irəli gələndə təkgözün kötük zərbəsi başçını beş addım qırağa uçurdu. Yerə dəyən kabil başçısı ayağa durmağa çalışsa da, bədəninə düşən qradosun pəncəsinin ağırlığı ilə üzünü qara basdı. Köməyinə gəlməyə çalışan detronların sadəcə bağırtısını eşidirdi Loran. İnilti səsləri ətrafı bürüyürdü. Qradoslar baltalarını kənara qoyub yaralı döyüşçüləri caynaqları ilə parçalayırdı. Artıq soyuq silahların toqquşma səsləri kəsilirdi. Sadəcə vəhşi xırıltı və nəriltilər eşidilirdi.
Gözünə düşən qar dənələrindən önünü görə bilmirdi Loran. Əlini gətirib üzünü təmizləmək istədikdə isə nəinsə onu tutduğunu gördü. Başını silkəyərək qarı az da olsa, təmizlədi. Dizləri üstə sağ və sol qollarını var gücü ilə dartan qradosları gördü başının üstündə. Qollarını irəli çəkmək istəsə də, heç nə alınmadı. Ətrafına baxdı, cansız, ağappaq qarı qırmızı qan gölünə çevirən döyüşçülərini gördü. Hamısı doğranmış, param-parça olmuşdu. Bədənsiz başlar qradosların pəncələrinə dəyib dığırlanırdılar. Loranın tam önündə bir qrados gəlib dayandı. Baltasını göyə qaldırıb başçının kəllə sümüyünü dağıtmaq istəyəndə arxasından səs gəldi. “Dayan!”. Bu səs Lorana tanış gəldi. Qrados qarşısından çəkiləndə arxasında iki başqa vəhşinin müşahidəsində ona tərəf addımlayan Hetranı gördü. Hetra düz Loranın qabağına gəlib dayandı və əli ilə başçının üzünü qana bulaşmış qardan təmizlədi. Loran başını geri çəkərək Hetranın üzünə tüpürdü:
– Sən! Sən bunu necə edə bildin?!
Hetra biləyi ilə üzünü təmizlədi və dedi:
– Köhnə dostum. Mən bugün sənin burda olmamağın üçün hər şeyi eləyərdim, amma sən kütbeyin kabil olduğuna görə yenə də bir yolunu tapıb özünü öldürdəcəkdin.
– Mən başa düşmürəm, Hetra?! Səni alçaq insan! Öz irqinizin üz qarası! İnsan adını ləkəyən xain!
Hetra kinayəli şəkildə gülərək davam etdi:
– Bunu mənə sən deyirsən? Fəsillər boyudur irqimi azadlıqdan məhrum edən kabil qanmaz. İnsan irqi sizə görə, sizin axmaq Yüksək icmanıza görə bu vəziyyətdədir. Biz Arçibaldın qurtarıcılarıyıq! – Əlini qradoslara tutaraq, – bu ordunu görürsən? Bu yenilməz və mükəmməl ordu sadəcə bir insanın əl işidir. Folian sizin məqsədlərinizi bilirdi. O bilirdi ki, yeganə ali irq insanlardır. Siz isə ona tabe olmaq yerinə, onu sürgün etdiz! Sizə şans verilmişdi. İnsanlara boyun əyib bizə xidmət edərək yaşamaq! Amma siz güc və qüdrətli olmağı üstün tutdunuz.
Loran əsəbindən danışa bilmirdi artıq. O, anlamalıydı dünən Hetranın ona nə demək istədiyini. Hiddətli şəkildə davam etdi:
– Sən nə danışırsan axı?! Qara qüvvələr Foliana, sənə və sənin kimilərə bu qüvvəni nəyə görə verib?! Siz indi onların köləsisiniz! Hər şey bitdikdə sizi də tikə-tikə etdirəcəklər indi arxanda dayanan orduya! Ayıl, Hetra! Şərin qəlbini ələ keçirməsinə imkan vermə!
Bepul matn qismi tugad.