Kitobni o'qish: «Titulsuz lider»

Shrift:

Əksəriyyətimiz həyatımızın ən yaxşı günlərini ayaqüstü komada keçiririk. Anlamırıq ki, həyatda həqiqətən mühüm olan özünün liderinə çevrilib potensialını tam gerçəkləşdirməkdir.

Sonra isə başqalarına potensiallarını tam gerçəkləşdirməyə yardımçı olmaq və dünyanı daha rahat etməkdir.

Robin Şarmanın “Ferrarisini satmış rahib”inin əməli davamı olan bu yeni kitab, beş müəllimin diliylə bunları bizə öyrədəcək.

Oxucu, bu kitabı sənə həsr edirəm. Daxili liderini oyatmaq istəyin məni ruhlandırır. Mən sənin tam gücünlə işləmək qətiyyətindən vəcdə gəlirəm. Rastına çıxan hər bir adamı səninlə tanışlığına qədər olandan daha yaxşı etmək istəyin isə məni, insanların titulsuz liderlərə çevrilməsinə yardım etmək üçün, daha artıq qüvvə sərf etməyə sövq edir.

İyirmi il ötəcək və sən nəyisə lazımınca edə bilmədiyindən daha artıq, nələrisə ümumiyyətlə edə bilmədiyinə təəssüflənəcəksən. Ona görə də şübhələri bir yana qoy. Yelkənlərini aç və təhlükəsiz limandan uzaqlaş. Səmt küləyini tut. Tədqiq et. Xəyallara dal. Kəşflər et.

MARK TVEN

ROBİN ŞARMADAN ÖZƏL MÜRACİƏT

Əlindəki kitab Fortune 500 siyahısına daxil olan Microsoft, Nike, FedEx, IBM kimi çoxlu sayda şirkətlərdə və Yel universiteti, Amerika Qırmızı xaçı və Yeniyetmə prezidentlər təşkilatı kimi təşkilatlarda liderlik və idarəetmə məsələləri üzrə təqribən on beş illik məsləhətçilik fəaliyyətimin nəticəsidir.

Sən bu kitabda öyrətdiyim liderlik sistemini tətbiq etməklə öz işində böyük irəliləyişə nail olacaq və şirkətinə, innovasiya fəallığı, istehsalat və müştərilərin sadiqliyi də daxil olmaqla biznesin bütün sahələrində yeni səviyyəyə qalxmağa yardım edəcəksən. Bundan başqa şəxsi həyatında və həyatda özünü göstərməyində də dərin dəyişikliklər hiss edəcəksən.

Liderliyin bu üsulunu izah etmək üçün bədii nəql formasından istifadə etdiyimə fikir ver. Bütün personajlar – əsas qəhrəman Bleyk Devis, onun bənzərsiz müəllimi Tommi Flin, Bleykin işə və həyata yanaşmasını tamamilə dəyişən dörd qeyri-adi müəllim uydurulmuş simalardır. Amma inan ki, bu liderlik sisteminin özü, eləcə də onun əsaslandığı prinsiplər, alətlər və taktikalar tam gerçəkdir. Bu sistem dünyanın çox uğurlu şirkət və təşkilatlarının yüz minlərlə əməkdaşlarına biznesdə qalib gəlmək və öz sahəsində lider olmağa kömək etmişdir.

Qurbanlar problemləri bəhanə gətirirlər. Liderlər həll təklif edirlər. Mən ürəkdən inanıram ki, «Titulsuz lider» kitabı sənə və işlədiyin müəssisəyə oyun tərzinizi tamamilə dəyişməyə yardım edən bir həll verəcək və bunun nəticəsində siz belə təlatümlü və qərarsız zamanda özünüzün ən yüksək potensialınızı tez və zərif gerçəkləşdirə biləcəksiniz.

Robin Şarma

P.S. «Titulsuz lider» kitabını oxuyan zaman liderə çevrilməyini sürətləndirmək və dərinləşdirmək üçün www.robinsharma.com saytına baş çək. Burada sən, məlumat bülletenləri, bloqlar, on-line rejimdə fikir mübadiləsi və alətlər də daxil olmaqla, əla komanda yaratmağa yardım edəcək köməkçi ehtiyatların bütöv bir dəstini tapacaqsan.

Fəsil 1
LİDERLİK VƏ UĞUR HÜQUQU SƏNƏ DOĞULANDAN VERİLİB

Ən cəsarətli gözləntilərini belə ötəcək uğura nail olmaq üçün əvvəlcə, ən azı, belə gözləntilərin olmalıdır.

Ralf Çarrel


İnsanın onu əhatə edənlərə verə biləcəyi ən yaxşı töhfə nailiyyətlərinin nümunəsidir.

Eyn Rend

Hər birimiz dahi doğuluruq. Təəssüf ki, çoxumuz sıravi kimi ölürük. Güman edirəm ki, özümün bu dərin inamımı qısa görüşümüzün lap əvvəlində söyləməklə oxucunu məyus etmədim. Mən sözün düzünü deməliyəm. Bundan başqa, elə əvvəldən sizə bildirim ki, mən bir para qeyri-adi sirləri öyrənmək xoşbəxtliyinə nail olmuş adi bir oğlanam. Bu sirlər mənə biznesdə böyük nailiyyətlər qazanmağa və həyatda özümü gerçəkləşdirməyə yardım etmişdir.

İndi isə, kəşflərimi bölüşmək üçün, sizi maraqlı səyahətə dəvət etmək istəyirəm. Onların vasitəsilə siz də baş gicəlləndirən uğura gəlib çata və tam gücünüzlə yaşaya biləcəksiniz. Bu gündən başlayaraq.

Mən bütün bu dərsləri təngə gətirmədən, ehtiyatla, sizi fəaliyyətə sövq etmək həvəsiylə deyəcəm. Birgə səyahətimiz sevinc, ruh yüksəkliyi və şadlıqla dolu olacaq. Bu səyahətin gedişində kəşf edəcəyiniz qanun və alətlər avtomatik olaraq karyeranızın yüksəlməsinə, həyatınızın sevinclə dolmasına gətirəcək və siz daxilinizə qoyulmuş ən yaxşı keyfiyyətləri gerçəkləşdirəcəksiniz. Lakin mənim ən vacib vədim sizinlə səmimi olmaqdır. Bu, oxucuya zəruri hörmət əlamətidir.

Mənim adım Bleyk Devisdir. Mən Miluokidə doğulmuşam, lakin demək olar ki, bütün həyatımı burada, Nyu-Yorkda yaşamışam. Mən indiyə qədər də bu şəhərə vurğunam. Onun restoranlarına. Həyat ritminə. İnsanlarına. Küçə latoklarında satılan hot-doqlarına. Ləzzətdir. Bəli mən yeməyi xoşlayıram və, mənim rəyimi bilmək istəyirsinizsə, bunu həyatın ən parlaq sevinclərindən biri hesab edirəm. Yaxşı söhbət, idman və kitablarla yanaşı. Bir sözlə dünyada Böyük Alma Şəhəri (Nyu-Yorku belə də adlandırırlar) kimi ikinci bir yer yoxdur. Mən buradan başqa yerə köçməyə hazırlaşmıram. Heç vaxt.

Məni olduğumdan həmişə olmaq istədiyimə çevirmiş qəribə və dəyərli hadisələri təsvir etməzdən əvvəl icazə verin qısaca öz həyat hekayəmi danışım.

Mənim anam həyatımda rast gəldiyim insanların ən mehribanı idi. Atam isə tanıdıqlarımın ən qətiyyətlisi. Belə adamları «torpağın duzu» adlandırırlar. Yox, bu adamlar ideal deyildilər…, amma kim idealdır ki. Başlıca məsələ odur ki, onlar həmişə bacardıqlarının ən yaxşısını edirdilər. Mən isə belə hesab edirəm ki, ən yaxşı şey, gücün çatanın ən böyüyünü etməkdir; bundan sonra evinə gedib sakitcə yata bilərsən. Təsir edə bilməyəcəyin şeyə görə narahat olmaq xəstəliyə bənzəyir. Əslində bizim narahat olduğumuz şeylərin çox hissəsi heç baş vermir də. Kurt Vonnequtun dediyi kimi:

Adətən gerçək problemlərin sənin ağlının qorxduqları ilə heç bir ortaq cəhəti olmur, onlar, baş verəcək bəlanın heç bir əlaməti sezilməyən hansısa tənbəl çərşənbə axşamı, günorta saat dörddə buludsuz səmada çaxan şimşək kimi üstünə şığıyır.

Valideynlərimin mənə verdiyi tərbiyəni bəyənirəm. Onların çox şeyi yox idi, amma müəyyən mənada hər şeyə – öz inamlarının ardınca getmək cəsarətinə, yüksək dəyərlərə və özünə hörmət hissinə malik idilər. İndiyə qədər də onlar üçün darıxıram və elə gün olmur ki, onlara minnətdarlığımı bildirməyim. Boş vaxt olanda düşünürəm ki, çox zaman biz ən sevimli insanları olmalı imiş kimi qəbul edirik. Onları itirənə qədər. Sonra isə onlara layiq olduqları münasibəti göstərmək imkanından istifadə etmədiyimizə heyfsilənərək, uzun-uzadı dualar edirik.

Belə hisslərin həyatınızı zəhərləməsinə yol verməyin. Bu bizim çoxumuzun başına gəlir. Valideyinləriniz hələ sizinlədirsə sevinin və onlara diqqət və hörmət əlamətləri göstərin. Bunu sabaha saxlamayın.

Mən yaxşı oğlan kimi böyüyürdüm. Babam mənim haqqımda «saf ürəklidir» deyirdi. Kiminsə xətrinə dəymək və ya qəsdən nəyisə korlamaq xasiyyətim yox idi. Məktəbdə yaxşı oxuyurdum, qızların xoşuna gəlirdim… yuxarı siniflərdə məktəb futbol komandasında kifayət qədər ciddi oynayırdım. Lakin qəflətən valideynlərim həlak oldular, dünyam da altı-üst oldu. Torpaq ayağımın altından qaçdı. Mən dünyaya inamımı itirdim. Məqsədimi itirdim. Həyata marağımı itirdim.

İyirmi yaşından iyirmi beş yaşına qədər çoxlu iş yeri və peşə dəyişdim. Bir müddət avtopilotda imiş kimi yaşadım. Sanki yarıyuxulu idim. Ətrafda nə baş verdiyinə fikir vermirdim. Mən beynimi televizor, yemək və boş narahatlıqlarla dumanlandırırdım ki, öz imkanlarını gerçəkləşdirə bilmədiyini anlayan hər bir insanın hiss etdiyi ağrını kütləşdirim.

Həyatımın həmin dövründə mənim üçün iş bacardığımın ən yaxşısını göstərmək imkanı yox, sadəcə yemək və mənzil üçün pul qazanmaq üsulu idi. İşə, inkişaf edib tam gücümlə çiçəklənmək üçün deyil, günlərimin saatlarını üyütmək üçün düzəlirdim. Gündəlik işimə öz nurumla digərlərini işıqlandırmaq, müəssisəmi, bununla birlikdə bütün dünyanı da bir qədər daha yaxşı etmək üçün qiymətli imkan kimi yox, yalnız zamanı yandırmaq üçün soba kimi baxırdım.

Nəhayət orduya yazılmaq qərarına gəldim. Mənə elə gəldi ki, bu, dünyada öz yerini tapmaq və öz taleyində pis-yaxşı hansısa nizam yaratmaq üçün pis üsul deyil. Məni İraqda döyüşməyə göndərdilər. Lakin ordu mənim həyatımı müəyyən qaydada nizamlamaqla yanaşı, indiyə qədər də mənə əzab verən bir təcrübənin içərisindən keçirdi. Mən hərb sənətini birlikdə öyrəndiyim yoldaşlarımın qanlı döyüşlərdə necə həlak olduqlarını gördüm. Demək olar ki, hələ uşaq olan əsgərlərin necə əlil olduqlarını gördüm. Əvvəlki mənimdə qalmış ruh yüksəkliyinin son qırıntıları da həyatımın nəyə çevrildiyi haqqında bulanıq fikirlərimin çıxılmazlığında həll olub getdi. Müharibədə fiziki xəsarət almasam da, ruhum rəhmsizcəsinə yaralanmışdı. O vaxtdan döyüş kabusları məni hər yerdə izləyirdi.

Nəhayət bir gün dedilər ki, evə qayıtmağın vaxtı çatıb. Bu, karıxdırıcı dərəcədə gözlənilməz oldu. Məni nəqliyyat təyyarəsinə oturtdular, vətənə apardılar, və standart tibbi müayinə keçdikdən bir neçə gün sonra əlimə mülki sənədlər verib, ölkəyə xidmətimə görə təşəkkür etdilər və gələcək uğurlar arzuladılar. Mən hərbi hissənin binasından parlaq payız günəşinin işıqlandırdığı küçəyə çıxdım və qorxu hissi ilə anladım ki, yenə özbaşına qalmışam.

Ən çətini artıq tamamilə yad olduğum cəmiyyətə geri dönmək yolunu tapmaq oldu. Gecələr yata bilmirdim, müharibənin dəhşətləri haqqında xatirələr beynimi didirdi. Səhərlər saatlarla yataqda eşələnir, ayağa durub yeni günü başlamaq üçün qüvvəmi toplamağa çalışırdım. Bədənim ağrıyırdı. Mən səbəbsiz qorxu hiss edir, özüm kimi əsgərlərdən başqa heç kimlə normal ünsiyyət qura bilmirdim. Əvvəllər xoşuma gələn hər şey indi lazımsız və darıxdırıcı görünürdü. Həyat məqsədini və mənasını itirmişdi. Hərdən ölmək istəyirdim.

Mənə valideynlərimdən qalmış ən qiymətli hədiyyələrdən biri öyrənməyə, xüsusən də kitablarda olan bilikləri öyrənməyə sevgi idi. Tək bircə kitabın qapağı altında elə ideyalar ola bilər ki, sənin bütün həyatını dəyişər. Vaxtını təfəkkürünü inkişaf etdirmək və biliklərini genişləndirmək üzərində işləməyə sərf etməkdən daha səmərəli bir şey çətin ki olsun. Öyrənməkdən yorulmamaq, həqiqi azad və güclü şəxsiyyətin təməl xüsusiyyətlərindən biridir. Özünütəhsillə məşğul olmaq çətin və qarışıq dövrlərdə sağ qalmağın ən gözəl üsuludur. Və həyat belə gətirib ki, insanların ən yaxşıları, demək olar ki, həmişə, böyük kitabxanaya malik olur.

Beləliklə mən Sohodakı (Nyu-Yorkun bir rayonu) kitab mağazasına işə düzəldim. Lakin özümün soyuq və təkəbbürlü davranışıma görə kollektivə qarışa bilmədim. Müdiriyyət mənə tez-tez irad tuturdu və mən işdən çıxarılmaq üçün birinci namizəd idim. Fikrim dağınıq və komanda ruhuna yad olduğumdan çox pis işləyirdim. Məni xilas edən yeganə şey kitablara olan sevgim idi. Mağaza müdiriyyətinin vəzifələrimə laqeyd yanaşdığıma görə məndən xoşu gəlməsə də, alıcılarım mənə rəğbəti bəsləyirdilər. Belə ki, birtəhər, tükdən asılı, dayanmışdım.

İndi isə hekayətin xoş hissəsi başlayır. Sonra baş verənləri ancaq möcüzə adlandırmaq olar. Həyat, yaxşı şeyi ən az gözlədiyim bir vaxtda mənə qiymətli hədiyyə bəxş etdi və tamamilə başqa bir oyun başlandı…

Bizim mağazaya tanımadığım, çox maraqlı bir adam gəldi. Qısa ünsiyyətimiz müddətində verdiyi dərslər mənim özümə qoyduğum məhdudiyyətləri darmadağın etdi. Mən işimə tamamilə yeni münasibətə və yeni həyat tərzinə açıldım.

İndi, iyirmi doqquz yaşında, həyatımın uğur və sevinclə dolu olduğu bir vaxtda anlayıram ki, çətin zamanlar insanlara daha yaxşı olmağa kömək edir. Bütün problemlərin daxilində əlverişli imkanlar gizlənmişdir. Bizim hər birimiz həm işdə, həm də həyatda qələbə qazanmaq üçün yaradılmışdır.

İndi isə başıma nə gəldiyini sizə danışmaq vaxtı gəlib çatdı.

Fəsil 2
MÜƏLLİMİMLƏ TANIŞLIĞIM

Günlər, sanki dostların uzaq məclisindən gələn, yağmurluq və maska altında gizlənmiş elçilər kimi, səssiz-səmirsiz ötüb keçirlər. Gətirdikləri bəxşişlərdən istifadə etmiriksə, onları səssizcə geri aparırlar.

Ralf Uoldo Emerson

Növbəti bazar ertəsinin fantastik dərəcədə darıxdırıcı səhəri idi. Əməkdaşların könülsüz və zəif alqışları altında «Həftənin satıcısı»nı müəyyən etdiyimiz «Bazar ertəsi ötür-ötürü» indicə qurtarmışdı. Bizim filialımızda satış yaxşı getmirdi. Deyirdilər ki, rəhbərlik yaxın vaxtlarda öz mağazalar şəbəkəsini yenidən qurmaq fikrindədir və birinci növbədə bizi bağlayacaqlar. Xərcləri azaltmaq, işi optimallaşdırmaq və gəlirləri artırmaq lazım idi. Özü də təcili.

Belə iclasların məqsədi kitab satışı şirkətimizin hədəflərini komanda üzvlərinə bir daha xatırlatmaq, eləcə də onları növbəti həftədə məhsuldar işləməyə kökləmək idi. Şəbəkənin mağazalarından hər biri ilin axırına özünün ən yaxşı işçisini seçirdi və bu işçi şirkətin verdiyi «Amerikanın ən yaxşı kitab satıcısı» adına iddiaçı olurdu. Bu adla bərabər böyük pul mükafatı və Arubaya bir həftəlik putyovka da verilirdi. Şəxsən məni bu tədbir nəinki səfərbər etmirdi, hətta ruhdan salır və gündəlik işlərimə daha böyük laqeydlik yaradırdı. Mən də bu əhvalı yanımda olan şər bir əməkdaşa çox asanlıqla ötürürdüm.

Lakin həmin səhər fövqəladə bir şey baş verdi. İşdən gizlənərək, biznes ədəbiyyatı bölməsindəki kitab dolablarının birinin arxasında qəhvə içdiyim zaman kimsə əlini çiynimə toxundurdu. Mən döndüm və gördüyümdən çaşıb qaldım.

Qarşımda çox qəribə bir adam dayanmışdı. Bir-birinə uyuşmayan köhnə geyimi tam səliqəsiz vəziyyətdə idi. Dama-dama jileti süzülmüşdü. Köynəyinin qolları yuxarıya qatlanmışdı, sanki köhnə geyiminin əksinə olaraq, kişi daxilən nəsə ciddi bir işə köklənmşdi. Jiletin cibindən üzərində Mikki-Mausun kiçik təsvirləri olan sarı cib dəsmalı sallanmışdı. Boynundakı gümüş medalyonun üstündə sadə, müasir şriftlərlə TLE hərfləri oyulmuşdu.

Mən onun ayaqlarına baxdım. Qəribə də olsa, parlayana qədər təmizlənmiş, uclarına dəmir pullar bərkidilmiş yeni çəkmələr geymişdi. Yad adam səssiz və hərəkətsiz dayanmışdı. O mənim anbaan artan çaşqınlığımı hiss edir, lakin söz söyləməyə ehtiyac duymurdu – sözün çox, işin isə az olduğu dünyamızda bu, nadir istedad idi.

Yad adamın üzü bişmiş alma kimi qırış-qırış idi, çox qoca olduğuna şübhə yox idi. Dişləri sınıq və qaralmış idi. Nazik, itaətsiz saçları Albert Eynşteynin kameraya dilini çıxardığı məşhur fotosundakı kimi vız durmuşdu.

Lakin adi qaydada başlanan bazar ertəsi qarşıma çıxmış bu qəribə şəxsdə məni ən çox heyrətə gətirən onun gözləri idi. Səliqəsiz görünüşü onun evsiz olduğuna işarə edirdisə də, baxışlarından güc və sərrast ağıl oxunurdu. Bilirəm, bu qəribə görünə bilər, lakin onun ovsunlayıcı baxışı məni təkcə sakitləşdirmədi, həm də mənə çox güclü adamla rastlaşdığım fikrini aşıladı.

– Salam, Bdeyk, – nəhayət tanımadığım adam məni daha da rahatladan inamlı səslə dedi. – Səninlə tanış olmağıma çox şadam. Mağazanın əməkdaşlarından sənin haqqında çox eşitmişəm.

Bu adam mənim adımı bilir! Bəlkə də sayıq olmaq lazımdır. Nyu-Yorkda saysız-hesabsız başdanxarab adam yaşayır, bunun zahiri də hər cür şübhəyə əsas verir. O kimdir? Mağazaya necə keçib? Bəlkə mühafizəçiləri çağırım? Lənət şeytana, mənim adımı haradan bilir?

– Sakit ol, dostum, – o görüşmək üçün əlini uzadaraq dedi. – Mənim adım Tommi Flindir. Məni bu mağazaya Yuxarı İst-Sayddakı filialdan indicə keçiriblər. Bilirəm-bilirəm, zahiri görünüşümdən deməzsən ki, mən o rayonda işləmişəm, amma keçən il mən «İlin satıcısı» olmuşam. Belə ki, mənimlə nəzakətli olsan yaxşıdır. Nə bilmək olar, bəlkə tezliklə sənin müdirin oldum.

– Görünür siz məni ələ salırsınız. Bizim şirkətdə işləyirsiniz? – ağzımdan çıxdı.

– İşləyirəm. Amma narahat olma, ən az istədiyim şey sənə müdir olmaqdır. Mənim üçün ən əsası öz işimi ən yaxşı şəkildə görməkdir. Bunun üçünsə mənə heç bir formal rütbə lazım deyil. Ümid edirəm ki, son beş ildə bu şirkətin ən yaxşı işçisi seçildiyimi bildirsəm bunu özünü öymək kimi qəbul etməyəcəksən. – Tommi qürurlu təbəssümlə öz Mikki-Mauslu dəsmalını düzəldərək dedi.

Yəqin bu qəribə qoca sayıqlayır. Bəlkə, hələ ki gec deyil, qaçmaq lazımdır. Lakin bu çox səfeh görünərdi. Əməkdaşların mənə onsuz da xüsusi hörməti yox idi. Həm də qəhvə, onu yarımçıq qoymaq üçün çox yaxşı idi. Bir də, boynuma alım ki, qoca məndə maraq oyatmışdı. Mən qalmaq qərarına gəldim.

Mən gizli kamera görmək ümidiylə ətrafa boylandım. Bəlkə əməkdaşlar məni, xəbərsiz adamları müxtəlif qəribə vəziyyətlərə qoyan, komedik verilişlərdən birinin personajı etməklə zarafat etmək istəyirlər. Lakin nə qədər baxdımsa, kamera görmədim. Ona görə oyunu davam etdirməyi qərara aldım.

– Yaxşı, – əsgər kimi hər cür vəziyyətdə olmuş və hər cür adamla rastlaşsam da səsim bir qədər titrəyirdi, – salam, Tommi. Tanış olmağımıza şadam. Bəs sizi niyə bizim mağazaya keçiriblər? («Dəlixanaya yox», – əlavə etmək istəyirdim). Bilirsinizmi, bizim vəziyyətimiz batan gəmininki kimidir.

– Heç kim məni bura keçməyə məcbur etməyib, Bleyk… Mən özüm istəmişəm – o, inamlı, dəlilikdən əsər-əlamət olmayan bir səslə dedi. Əvvəlki mağazada daha inkişaf etməyə yer yox idi. Fikirləşdim ki, bəlkə burada faydalı ola bilərəm, bəlkə nəyisə dəyişə bilərəm. Bleyk, vəziyyət nə qədər mürəkkəbdirsə öz daxilində o qədər böyük imkanlar saxlayır. Bax mən də buraya keçib, səninlə birlikdə işləmək istədim, – gülümsəyərək əlavə etdi.

Mən onun söhbəti hara apardığını başa düşmürdüm. Bu kimdir axı? Digər tərəfdən də, dəsmalın üzərindəki bu siçanlar əsəbimə toxunurdular. Elə bilməyin ki, xalqın sevimlisi olan körpə Mikki-Mausa qarşıyam, amma hər halda…

– Sənə Oskar adı nəsə deyir, Bleyk?

Mən səksəndim. Bir anlığa nəfəsim kəsildi. Ürəyim tez-tez vurmağa başladı, ayaqlarım boşaldı. Oskar atamın adı idi.

– Atamın adı Oskar idi, – sakitcə cavab verdim və ölmüş valideynlərim haqqında qəlbimin dərinliklərində çoxdan basdırdığım qüssənin üzə çıxmağa başladığını hiss etdim. Tomminin baxışları yumşaldı. Bu an onun çox mehriban insan olduğunu hiss etdim. O, əlini çiynimə qoydu.

– Mən Miluokidə yaşayanda atan ilə dost idim. Biz bir yerdə böyümüşük. Mən Nyu-Yorka köçdükdən sonra heç vaxt görüşməmişik. Amma dostluğumuz kəsilməyib. Biz bir-birimizə həyatımız haqqında uzun, ətraflı məktublar yazırdıq. Orada iş tapılmadıqda, məhz sənin atan məni Nyu-Yorka gəlməyə inandırdı… Onun xasiyyətinin gücünü görmüş olduğumdan özümdə adi günlərin get-gəlində ölgünləşməyə başlayan cəsarətimi bərpa etmək üçün güc tapırdım. Bleyk, valideynlərinin başına gələnlərdən çox kədərliyəm. Onlar gözəl insanlar idi.

– Oskar məni, bu və ya başqa yolla, – gözlərimə diqqətlə baxaraq davam etdi, – sənin nə işlə məşğul olmağın haqqında məlumatlandırırdı. O, həmişə deyirdi ki, sənin nəhəng potensialın var və böyük işlər görəcəksən. Bleyk, Atan sənə çox inanırdı. Amma hiss edirdi ki, sənə səni ruhlandıracaq və imkanlarını tam gerçəkləşdirməyə kömək edəcək adam lazımdır. Amma nəyə görəsə özünü belə bir adam hesab etmirdi.

Mən qulaqlarıma inanmırdım. Bu yad adamın atamın dostu olması fikri beynimə yerləşmirdi. Tamamilə sürrealist bir mənzərə idi. Mən kətilin üstünə oturdum və kürəyimi kitab dolabına söykədim.

– Narahat olma, Bleyk. Azmaq sənin üçün müəyyən edilmiş yolu tapmağın adi bir mərhələsidir. Bəzən qarşındakı yolu aydın görməyi öyrənmək üçün onu səhv salmaq hətta zəruridir. İndiyə qədər başına gələnlər – yaxınlarını itirməkdən İraqda xidmətə qədər – yalnız hazırlıq idi.

– Hazırlıq idi? – çaşqın, hələ də başı dumanlı halda soruşdum.

– Əlbəttə. Əgər bütün bunları keçməsəydin indi sənə öyrətməyə hazırlaşdığım şeyləri mənimsəməyə hazır olmayacaqdın. Həyat səni yıxmasaydı, özünü yenidən yaratmaq şansın olmayacaqdı. Sadəcə səbirli ol, balaca, səni nəhəng bir irəliləyiş gözləyir. Nəfəs dərməyə macal tapmayacaqsan ki, bizim şirkətin rok-ulduzu olacaqsan, – Tommi ehtiras dolu bir səslə dedi.

– Rok-ulduzu?

Burada Tommi yumruğunu yuxarı qaldırıb, ombalarını ritmlə hərəkət etdirərək, Mik Caqeri təqlid etməyə çalışdı. Lakin bu, o qədər də duzlu alınmadı.

– Bəli rok-ulduzu, – qoca təsdiq etdi və güldü.

– Siz nə danışırsınız! Mənə günü başa vurmağın özü belə problemdir. Mən başa düşürəm ki, siz kömək etmək istəyirsiniz… və mən əlbəttə ki, atamın köhnə tanışına rast gəlməyimdən sarsılmış bir vəziyyətdəyəm. Lakin yaşamağın mənim üçün nə qədər ağır olduğunu təsəvvürünüzə belə gətirə bilməzsiniz. Hərblə bağlı xatirələr indiyə qədər məni təqib edirlər. Onlar ən az gözlədiyim vaxtlarda xəyalımda canlanırlar. Gecələr demək olar ki, yatmıram və bütün günü özümü əzgin hiss edirəm. Ştatlara çoxdan qayıtmağıma baxmayaraq öz qız dostumla müharibəyə gedənə qədər olan münasibətlərimi hələ də bərpa edə bilməmişəm. Belə ki, kitab satışının «rok-ulduzu» olmaq perspektivi mənim üçün aktual deyil. Sadəcə sağ qala bilsəydim…

Tommi əllərini sinəsində cütləyib düz gözümün içinə baxdı.

– Mən səni eşitdim, – çox ciddi dedi. – Və mən sənin hər sözünə hörmət edirəm, Bleyk. Lakin, xahiş edirəm, səninlə bölüşmək istədiyim şeylər üçün açıq ol, özünə qapanma. Bir vaxt mənim də həyatım köndələn getmişdi. Lakin hansısa bir anda hər şey tanınmaz dərəcədə dəyişdi. Bu, möcüzəyə bənzəyirdi. Mən təminat verirəm ki, səninlə də həmin şey olacaq.

– Uzun illər bundan qabaq atana söz vermişdim ki, sənə kömək edəcəm. Lakin illər keçirdi, amma mən sənə baş çəkməyin vaxtı gəldiyini hiss etmirdim. Sonra tale istədi ki, sənin adını işə düzəlmək istəyənlərin siyahısında görüm… «Amerikanın ən yaxı kitab satıcısı» adının, pul mükafatı və Karib adalarına səyahətlə yanaşı, verdiyi imtiyazlardan biri də kadr seçimində birbaşa iştirak etmək, şirkətin direktorları ilə nahar yeməklərində müntəzəm iştirak edərək, şirkətimizi daha yaxşı etmək üçün rəy mübadiləsi aparmaq imkanıdır. Mən anladım ki, bu, uzun illər bundan əvvəl, şəxsi və peşə həyatımda səninki kimi çətin günlər yaşadığım vaxtlarda mənə öyrədilmiş liderlik və uğur fəlsəfəsini səninlə bölüşmək üçün əlimə düşmüş şansdır. Sadəcə təsəvvür et ki, indiki işində o qədər bacarıqlı olmusan ki, bayır qapıdan içəri girəndə insanlar səni ayaq üstə alqışlayırlar, sanki sən Coldplay, U2 və ya Green Day qrupunun liderisən – Tommi ruh yüksəkliyi ilə səsləndi.

Mən bu uydurmaya gülməyə bilmədim. Bəlkə şirkətimizin rok-ulduzuna çevrilmək doğrudan da əla olardı. Digər tərəfdən Arubaya səyahəti və pul mükafatını udmağı istəməyim də şübhəsiz idi.

– İndi isə təsəvvür et ki, nəinki baş gicəlləndirici vəzifə zirvələrinə çatmısan, – Tommi davam etdi, – eyni zamanda da möhkəm sağlamlıqdan, insanlarla əla münasibətlərdən ləzzət alırsan və ümumiyyətlə xoşbəxtsən. Mən sənə bütün bunlara aparan etibarlı yolu göstərə bilərəm. İnan ki, bu yola qədəm qoymaq sənin təsəvvür etdiyindən qat-qat asandır.

– Bəs boynunuzdakı TLE yazılı medalyonun mənə öyrətmək istədiyinizə bir dəxli var? – maraqla soruşdum.

– Çox yaxşı, – Tommi razılıqla mənə əl çalaraq, cavab verdi, – səninlə işimiz fikirləşdiyimdən də asan olacaq. Bəli TLE tezliklə sənə açılacaq üsulun ürəyidir. Bu işləməyin və yaşamağın son dərəcə sadə və qeyri-adi bir üsuludur. Qəlbim üçün çox qiymətli olan dörd müəllim bu üsulu mənə öyrətdiyi gün içimdə nəsə köklü surətdə dəyişdi. İçimdə bir təbii qüvvə oyandı. O gündən sonra daha heç vaxt əvvəlki kimi olmadım. Bunun nə qədər qəribə və qeyri-adi səsləndiyini anlayıram, Bleyk. Lakin hər şey məhz belə olmuşdu. Sadəcə mən karyeramı və şəxsi həyatımı yeni işıqda görməyə başladım. Bu biliklə tanış olan andan dünyaya başqa gözlərlə baxmağa başladım. Fantastik nəticələri çox gözlətmək lazım gəlmədi.

Mən maraqlanmağa başlamışdım. Düzdür müəyyən şübhələr hələ qalırdı, amma bu adam məni heyran etmişdi. Sözləri nə qədər qəribə səslənsə də, sövq-təbii hiss edirdim ki, yalan danışmır.

– Görünür bu çox güclü fəlsəfədir, elə deyilmi?

– Bəli, elədir, – Tommi dalğın halda medalyonunu sığallayaraq cavab verdi. – Son dərəcə güclü… – lap sakit əlavə etdi və fikirli-fikirli öz saçlarını qarışdıraraq susdu.

Mağazada alıcılar yavaş-yavaş çoxalmağa başladı. Qəhvəm tamamilə soyumuşdu. Birdən müəyyən çaşqınlıq hiss etdim. Amma sadəlövhlük etməmək qərarına gəlib soruşdum:

– Tommi ümid edirəm ki, sözlərimdən inciməyəcəksiniz, əgər sizin TLE üsulunuz həqiqətən belə yaxşıdırsa, niyə indiyə qədər bu mağazada işləyirsiniz? Məgər təqaüdə çıxmaq olmazdı? Bir də, bağışlayın ki, bunu diqqətinizə çatdırıram, sizi geridə qalan bu filiala keçirərkən heç menecer də etməyiblər. Siz də elə mənim tutduğum vəzifədəsiniz. Görünür sizin nəzəriyyəniz özünüzə xeyir gətirmir, – kinayə ilə yekun vurdum.

Bunları deyərkən diqqətlə müsahibimə baxırdım. Gözləyirdim ki, bu dəqiqə müdafiə mövqeyi alacaq və sözləri şübhə altına alınan insanların əksəriyyəti kimi inciyəcək də. Lakin Tommi mənim iradlarıma müsbət yanaşdı. O bir müddət susdu, sonra dərindən nəfəs alıb gülümsündü.

– Yaxşı sualdır, Bleyk. Sən səmimisən. Bu mənim xoşuma gəlir. Fikrini, bir qədər sərt də olsa, birbaşa deyirsən. Bu çox yaxşı keyfiyyətdir. Nə olar, təqaüd məsələsində sən haqlısan: mənim yaşıdlarımın əksəriyyəti çoxdan istefa veriblər. Yeri gəlmişkən, elə keçən həftə mənim yetmiş yeddi yaşım tamam olub.

– Ad günün mübarək, Tommi, – mən üzrxahlıq edirmiş kimi dedim və məni «saf ürəkli» adlandıran babmı xatırlayaraq, Tommi ilə sərt danışdığıma bir qədər təəssüf etdim. Bu yaşlı centlmenlə bir qədər yumşaq davranmaq lazımdır. O məndən böyükdür, valideynlərim isə mənə böyüklərə hörmətlə yanaşmağı öyrətmişdilər.

– Sağ ol, – Tommi dedi, – amma mən özümü lap cavan hiss edirəm. Yaş sadəcə ağlın vəziyyətidir… tayfanın öz tayfa yoldaşlarını işarələdiyi və onların imkanlarının hüdudlarını cızdığı yarlıqlardan biridir. Mən isə öz həyatımı yarlıqlara uyğun qurmaq fikrində deyiləm. Lakin sən haqlısan, mən çoxdan təqaüdə çıxa bilərdim, amma şirkətimiz üçün işləməyi davam etdirirəm. Artıq yarım əsrdir ki, onunlayam.

– Oho!

– Özün fikirləş, sənə ləzzət verən işi niyə atasan? Nə qədər ki, sağam, vaxtım var! Xoşuna gələn şeylə məşğul olmaq isə ruhundakı gəncliyi qoruyub saxlamağın üsullarından biridir. Burada həm yaradıcılıq üçün yer var, həm də yeni problemləri həll etməklə öz təfəkkürümü inkişaf etdirir, dünyagörüşümü genişləndirirəm. Hər gün yeni dostlar əldə etməyə imkanım olur, bunun üçün sadəcə özünü alıcılarla diqqətli və mehriban aparmalısan. Bundan başqa mən öz nümunəmlə digər iş yoldaşlarımı da ruhlandıra bilərəm… Mən xoşbəxtəm, çünki yaxşı görülmüş iş insana böyük ləzzət verir. Bütün bunlar mənim həyatımı mənalı edir, – Tommi sözünü bitirdi.

– Kobudluğuma görə üzr istəyirəm, – hələ də kətildə oturub, aşağıdan yuxarı bu adama baxaraq, mızıldandım.

Yavaş-yavaş mənə lazım olan müəllimi əldə etdiyimi anlamağa başladım…

– Narahat olma. Amma icazə ver sənin tamamilə düzgün qeyd etdiyin bir şey – niyə menecer olmadığım haqqında bir neçə söz əlavə edim, çünki bunun TLE fəlsəfəsinin əsaslarına bilavasitə dəxli var. Mən menecer olmaq istəmirəm. Bu mənə lazım və maraqlı deyil.

– Tommi bəs TLE-nin dəqiq açılışı necədir? – daxili müqavimətimin əriyib, yerini heyranlığa verdiyini hiss edərək soruşdum.

– Hər şeydən əvvəl burada sehrli heç nə yoxdur. Bu, biznesdə və gündəlik həyatda özünü aparmağın çox gerçək və son dərəcə səmərəli üsuludur. Bilirsənmi, indi bizim dünyamız köklü surətdə dəyişir. Son dərəcə qeyri-müəyyənlik və narahatlıq dövrü başlamışdır. Əvvəllər çox yaxşı işləyən bir çox şeylər indi işləmir.

– Razıyam. Hər bir gün yeni problemlər və gözlənilməz hadisələr gətirir. Bu, şirkətimizə də aiddir. Alıcılar həyatlarının günü-gündən çətinləşdiyindən şikayət edirlər. Mənə elə gəlir ki, bu narahatlıqlar hamını stress vəziyyətinə salır. Tommi, bəs həll haradadır?

– Liderlikdə – cavabı lakonik oldu. Sonra isə əlavə etdi: – Bleyk, bu gün yaşadığımız bu yeni aləmdə biznesi qələbəyə aparan cəmi bir yol var. Heç bir başqa həll istənilən nəticəni verməyəcək.

– Bəs bu nə yoldur?

– Rəqabətə təhrik etmək əvəzinə, təşkilatın hər bir üzvündə liderlik potensialını oyatmaq və inkişaf etdirmək lazımdır. İndiki zamanda suyun üzündə qalmağın yeganə üsulu bütün səviyyələrdəki əməkdaşlarda, etdikləri hər bir işdə, lider olmaq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Bu, qapıçıdan baş direktora qədər hamıya aiddir. Hamının liderlik keyfiyyətlərini göstərməsi və şirkətin uğuru üçün məsuliyyəti üzərinə götürməsi lazımdır. Özü də bu, təkcə özəl biznesə deyil, bütün təşkilatlara aiddir. Qeyri-kommersiya təşkilatlarında da, bütün səviyyələrdə, liderlik keyfiyyətlərini həvəsləndirmək zəruridir. Sənaye nəhəngləri üçün də bütün səviyyələrdə liderlik keyfiyyətlərini mükafatlandırmaq zəruridir. Liderlik keyfiyyətlərini mükafatlandırmaq hökumət və qeyri-hökumət təşkilatlarına da lazımdır. Hətta məktəb və universitetlər də belə bir fikri qəbul etməlidirlər ki, adamlardan hər biri etdiyi bütün işlərdə özünü lider kimi göstərə bilər və başgicəlləndirən dəyişikliklər əsrində sağ qalmaq istəyiriksə bu, tamamilə zəruridir.

– Tommi, liderlik haqqında heç vaxt bu səpkidən düşünməmişdim. Mənə həmişə elə gəlirdi ki, liderlər, istər hərbi hissə, istərsə də kommersiya müəssisəsi olsun, yalnız təşkilatlara başçılıq edən adamlardır.

– Bleyk, rütbə və dərəcəmizdən asılı olmayaraq hamımızın liderlik keyfiyyətləri göstərməyimiz zəruridir. İndi «mənim vəzifəm yüksək deyil, deməli bütün müəssisənin işinin nəticələri haqqında düşünməli deyiləm» kimi fikirləşmək bağışlanılmazdır. İndi lider olmaq üçün formal titul lazım deyil, sadəcə baş verənlərdə iştirak etmək istəyi və nəyisə yaxşıya doğru dəyişmək səyi kifayətdir. Tereza ananın dediyi kimi: «Hər bir adam öz evinin qarşısını süpürsəydi bütün dünya təmiz olardı».

– Beləliklə, hər birimizin özümüzü lider kimi gerçəkləşdirməyimiz üçün ilk növbədə indiki vəzifəmizi qüsursuz yerinə yetirməyimiz lazımdır. Siz bunu nəzərdə tutursunuz?

– Məhz bunu.

Bu yerdə Tommi dolablar arasında duran digər kətilə yanaşdı, onun üstünə qalxdı və əllərini dirijor kimi yelləməyə başladı. Gözlərini yumdu və dodağının altında nəsə oxumağa başladı. Şən adamdır. Qəribə, amma şən.

– Siz nə edirsiniz, Tommi? – gözlərimə güclə inanaraq, qışqırdım. Alıcılardan bir neçəsi maraqla bizə baxmağa başladı. Qoltuğunun altında «Maraqkeş Corc» kitabını tutmuş balaca barmağı ilə Tommini göstərərək gülürdü.

– Musiqiçilərdən heç olmasa birisi xaric və ya səliqəsiz çalırsa simfoniya necə səslənir?

– Anlayıram. Musiqi mənzərəsi pozulur. Bütün orkestrin işi hədər gedir, – mən müəllimimin ifasındakı canlı təsvirdən həqiqi ləzzət alaraq, aşkar olan cavabı verdim.

Tommi kətildən düşmədən çənəsini qaldırdı, səhnədəki aktyor kimi pafosla əlini qabağa uzadıb, Şekspir üslubunu təqlid edərək, yaxşı məşq etdirilmiş səslə dedi:

– Özünün qarşında düz ol. Onda özgələri qarşısında da, gecənin dalınca gündüzün gəlməsinin qaçılmaz olduğu qədər, düzgün olacaqsan.

– Bütün bunlar nəyə lazımdır? – əllərimi sinəmdə çarpazlayıb, başımı süni etimadsızlıqla yelləyərək soruşdum.

– Teatrda deyirlər: «İkinci dərəcəli rollar olmur». Eyni şey biznesə də aiddir, Bleyk. Orkestrlə olan bənzətməmiz məhz bunun haqqındadır. İstənilən təşkilat, elə istənilən insan da, bizim inqilabi dövrümüzdə uğurlu olmaq üçün, yeni liderlik modeli ilə silahlanmalıdır. Bu model çərçivəsində, hər bir adamın liderlik keyfiyyətləri nümayiş etdirməli olduğu mühitin yaradılması üçün, maksimum səylər göstərmək zəruridir.

Hər bir adam yeni səmərəli iş metodları tətbiq etməlidir. Hər bir adam öz yoldaşlarını ruhlandırmalıdır. Dəyişikliklər üçün açıq olmalıdır. Nəticələrə görə məsuliyyəti öz üzərinə götürməlidir. Müsbət fikirləşməlidir. Bacardığının ən yaxşısını etmək üçün var qüvvəsini qoymalıdır.

Hamı özünü belə aparsa, təşkilat nəinki dəyişən şəraitə yaxşı uyğunlaşar, həm də öz sahəsində liderlik edər.

– Beləliklə siz deyirsiniz ki, daha bizim şirkətə vəzifələr və rütbələr lazım deyil? Bilirsinizmi, Tommi sizin təbliğ etdiyiniz inqilabi liderlik fəlsəfəsindən direksiyamızın xoşu gələcəyinə heç əmin deyiləm, – soyumuş qəhvəmdən bir qurtum alaraq səmimi etiraf etdim.

Mən heç də müəssisələrə vəzifə və rütbələrin lazım olmadığını iddia etmirəm.

Lazımdır. Bizə istiqaməti seçən, sükan arxasında dayanan və yekun nəticəyə görə məsuliyyət daşıyan rəhbərlər vacibdir. Vəzifələr sistemi və təşkilati quruluş intizamın qorunmasını və müəssisənin fasiləsiz işləməsini təmin edir.

Lakin mən təkid edirəm ki, bu coşqun zamanda istənilən müəssisənin çiçəklənməsi üçün bizim hər birimiz öz işinin nəticəsinə görə şəxsi məsuliyyətini qəbul etməli, özü özünün direktoruna və səlahiyyətləri çərçivəsində liderə çevrilməlidir.

Bizim hər birimizin öz yerimizdə liderə çevrilməyimiz zəruridir – tam gücümüzlə parlamalıyıq.

Özünün təsir dairəsində liderlik etməyə başlayanda aldığın ən fövqəladə nəticə ondan ibarətdir ki, bunu nə qədər çox edirsənsə, təsir dairən də o qədər böyüyür.

Əsas ideya bax bundadır, Bleyk. Formal titulların oldu-olmadı, özünü cari rolda necə göstərəcəyin birinci növbədə məhz özündən asılıdır. Bizim hamımıza xas olan insani qabiliyyətlərin ən yüksəyi ətraf mühitə reaksiya göstərmək bacarığıdır. Hər bir işçi maksimal səmərəliliklə işləməyi və öz işində lider olmağı seçirsə, bütün müəssisə, tamamilə təbii yolla, bütün dünyada ən qabaqcıl mövqelərə çıxır.

– Bəs TLE nə deməkdir? – təkidlə soruşdum.

– Birinci növbədə bu, hər bir adamın istənilən an istifadə etməyə başlaya biləcəyi iş və həyat fəlsəfəsidir. Həmin şəxs, neçə yaşının olması və hansı ölkədə yaşamasından asılı olmayaraq, bu fəlsəfənin köməyi ilə daxili liderini azad edəcək və bir neçə dəqiqənin içərisində fövqəladə nəticələrə nail olacaqdır.

Hər birimizin içərisində daxili lider var və o, özünü göstərməyə çalışır. Hər insanın titulu, yaşı və yaşayış yeri ilə bağlılığı olmayan anadangəlmə liderlik qabiliyyəti var. Tezliklə tanış olacağın metod vasitəsilə Los-Ancelesdən olan multimilli şirkətin iyirmi səkkiz yaşlı ticarət nümayəndəsi öz daxili liderinə yetişmək qabiliyyətindədir və bu andan onu tamamilə başqa bir gerçəklik, tamamilə fərqli iş nəticələri və müqayisə edilməz dərəcədə daha yüksək əmək haqqı gözləyir. Bostondan olan on altı yaşlı məktəbli daxili liderini aşkar edə bilər və bunun nəticəsində təhsildə parlaq uğurlar, hobbisində müvəffəqiyyət və məktəbli həmyaşıdları arasında böyük hörmət qazana bilər. Gün işığına çıxmaq üçün yanıb-yaxılan daxili lider San-Fransiskodan olan otuz dörd yaşlı menecerdə də, Solt-Leyk-Sitidən olan qırx iki yaşlı biznesmen qadında da yaşayır.

– İndi mən bunu daha yaxşı anlayıram, Tommi. İstənilən adam dünyanın istənilən nöqtəsində irəli addım ata, nəyisə daha da yaxşı etmək üçün üzərinə məsuliyyət götürə, işində kamilliyə nail ola və liderə çevrilə bilər. Bu növ qərarı peşəsindən asılı olmayaraq hər kəs – Vaşinqtondan olan əsgər də, Tokiodan olan müəllimə də, Perudan olan təyyarəçi də qəbul edə bilər. Hər birimizin daxilində bu liderlik potensialı var. Yalnız onu dərk etmək və istifadə etməyi öyrənmək lazımdır. Ulu tanrım, əgər fəaliyyət yerindən – kommersiya şirkəti, tədris müəssisəsi, dövlət idarəsi, ya da sosial xidmət olsun – asılı olmayaraq insanlar bu ideyanı dərk etsəydilər, bütün dünya dəyişərdi!

– Elədir. Mən də məhz bu haqda danışıram, dostum, – Tommi təqdirlə dedi. – Öz daxili liderini gerçəkləşdirmək üçün bircə dəfə oyansan, liderliyini daim göstərəcəksən. Axı sən bu gücdən nə qədər çox istifadə edirsənsə, onunla daha yaxından tanış olursan. Özü də bu vaxt o artır. Və daha bir şey, Bleyk.

– Dinləyirəm.

– Mən hələlik TLE-nin açılışını sənə deyə bilməyəcəyəm – o, yenidən medalyonunu sığallayaraq, baxışlarında şıltaq bir parıltı ilə bildirdi. – Bu hərflərin mənasını izah etmək icazəsi yalnız bu fəlsəfəni mənə öyrətmiş dörd müəllimə verilib. Onlar isə bunu yalnız müəyyən şərtlər daxilində edirlər.

– Tommi, xahiş edirəm, deyin, – mən az qala yalvardım.

– Edə bilmərəm. Ən azı bu gün mümkün deyil. Bəlkə də yaxın günlərdə bu barədə sənə danışmaq icazəsi ala biləcəyəm… Niyə menecer deyiləm məsələsinə qayıtsaq, bunu mənə çoxdan təklif edirlər. Məni dəfələrlə şirkətin vitse-prezidenti vəzifəsinə də dəvət ediblər: xidməti avtomobil, nümayəndəlik xərcləri üçün pul, nəhəng kabinet… Amma bu hələ məni özünə çəkmir. Bilmək istəyirsənsə, əsl liderlik bundan ibarət deyildir. Liderliyin hansı kresloda oturmağın və nə qədər pul almağınla heç bir əlaqəsi yoxdur. Liderlik sənin nə dərəcədə yaxşı işləməyin və nə dərəcədə qüsursuz davranmağınla müəyyən olunur. Artıq dediyim kimi, əsas məsələ növündən asılı olmayaraq işini əla yerinə yetirməkdir. Bir yerdə və rəhbərliyi altında işlədiyin adamları ruhlandırmaqdır. LBT-nin kökündə çoxdan yaddan çıxmış, amma dərin bir həqiqət dayanır: lider olmaq üçün insana titul lazım deyil.

– Əla həyat mövqeyidir, – dedim.

– Bizim müasirlərimiz liderlik ideyasının mənasını düzgün başa düşmürlər. Bu məsələylə əlaqədar onların başında tam qarmaqarışıqlıqdır. Onlar hesab edirlər ki, liderlər ancaq biznesi idarə edən direktorlardır.

– Və ya dövlət başçılarıdır.

– Bəli-bəli. Bu isə düzgün deyil. Çox mühüm olduğu üçün bir daha təkrar edirəm: hər bir kəs lider ola bilər. Biz həqiqi qabaqcıl müəssisə qurmaq istəyiriksə, hər bir əməkdaşın lider olması zəruridir.

Tommi ara verdi, indicə dediyi sözləri götür-qoy edərək, yenidən saçları ilə oynamağa başladı. Sonra qətiyyət və qızğınlıqla davam etdi:

– Ona görə də, bütün bu illər ərzində kitab mağazasına girəndə öz eqomu onun astanasından çöldə qoyur, bütün gücümü işimi ən yaxşı şəkildə görmək, əməkdaşlarımıza yardım etmək və əsl lider olmaq üzərində cəmləyirdim. Vizit vərəqimdə hansısa təmtəraqlı titulun çap edilməsi haqqında isə ümumiyyətlə düşünməmişəm.

Bu sözlər mənə öz təsirini göstərdi. Görünür Tommi vicdanlı adamdır. Ordudan tərxis olunandan və mülki həyata qayıdandan sonra belələrinə az rast gəlmişəm. Birdən ağzımdan belə bir sual çıxdı:

– Sizin vizit vərəqiniz var? Bax, mənimki yoxdur… – bir qədər karıxmış halda dedim.

– Bəli. Al, – kartını mənə uzatdı.

Orada qabarıq qızılı hərflərlə yazılmışdı:

Bright Mind Books Inc
Kitab mağazaları şəbəkəsi
5555 Beşinci Avenyu
Nyu-York, Nyu-York
Tommi Flin
İnsan

– Vəzifəyə bax, ha – «İnsan»! – ucadan dedim. – Titul bax belə olar! Bu mənim xoşuma gəlir.

– Artıq dediyim kimi, Bleyk, lider olmaq üçün titula ehtiyac yoxdur. Sadəcə canlı insan olmaq kifayətdir. Tamamilə kifayətdir. Başqa heç nə lazım deyil.

İndi yer üzərində yaşayanlardan hər biri hər hansı titulun özündə saxladığından çox-çox böyük olan dərk edilməmiş potensial və müəyyən edilməmiş gücə malikdir. Bu gücü oyatmağı və istifadə etməyi öyrənə bilsən, uğur sənin həyatının hər tərəfini nura qərq edəcək. Lider davranışı sənin üçün təbii olacaq – sən avtomatik olaraq lider kimi yaşayacaq və işləyəcəksən. Varlığın başqa formaları sənə yad olacaqdır.

– Eşitdiklərimin hamısı xoşuma gəlir. Tommi, sizə qulaq asdıqca nikbinləşirəm – tam səmimiyyətlə bildirdim. – Mən sizin söylədiyiniz yolla uğura çatmaq istəyirəm. Özü də bunu mümkün qədər tez etmək istəyirəm.

– Artıq haqqında söhbət etdiyim dörd müəllimlə tanış olduqdan sonra mənimlə də məhz bu baş vermişdi. Onlar TLE fəlsəfəsini mənə ötürdülər və o vaxtdan mən daha heç zaman əvvəlki kimi olmadım. Mən həqiqi liderliyin nədən ibarət olduğunu dərindən anladım. Titullar mənim üçün öz əhəmiyyətini itirdi. Nəhəng künc kabineti də, hətta böyük qazanc da mənasını itirdi. Mühüm olan bircə şey – hər gün özünü işdə maksimum gerçəkləşdirmək qaldı. Qəribə də olsa, mənim davranışım haqqında söz-söhbət fantastik sürətlə yayıldı və şirkətin rəhbərliyi mənə diqqət yetirməyə başladı. Mənə vəzifə və titullar təklif edildi. Pəncərəsindən gözəl mənzərə açılan kabineti tutmağımı xahiş etdilər. Rəhbərlik mənə şəbəkəmizdə olan satıcılardan daha artıq maaş vermək istəyirdi.

– Doğrudan qeyri-adidir. Siz bizim işimizdən əldə etməyə can atdığımız şeylərin qayğısına az qalıdıqca, onları o qədər çox alırsınızmış, –cibində Mikki-Mauslu dəsmalı olan, gözlərində həyat odu yanan bu adama fikirli halda bildirdim.

– Bu doğrudan inanılmazdır, – o eyni ehtirasla davam etdi. – Sən tamamilə haqlısan: insanların əksəriyyəti üçün bu ağılasığmazdır – onlar belə işləməyə adət etməyiblər. Ətrafdakıları birinci növbədə maraqlandıran şeylərə nə qədər az diqqət verir, diqqətimi öz işimdə və hər şeydə əsl lider olmaq istəyində nə qədər çox cəmləyirdimsə, bu həsrəti çəkilən şeylər, sanki təsadüf nəticəsində, həyatımda daha tez-tez peyda olurdular. İndi, geriyə baxanda, mən özüm də bunu güclə inanıram, – Tommi çənəsini fikirli-fikirli sığallayaraq sözünü bitirdi.

– Deməli siz təklif edilən bütün pullardan imtina edirdiniz? – sualını verməyə bilmədim.

– Bir bu qalmışdı! Pulları götürürdüm, – o güldü.

Mən də ürəkdən güldüm. Bu adam getdikcə daha çox xoşuma gəlirdi. Getdikcə daha çox atamı xatırladırdı. İndi onların niyə dostluq etdiyini anlayırdım.

– Amma, Bleyk, bir daha qeyd etmək istəyirəm ki, bu şirkətdə mənim heç vaxt, heç bir titulum olmayıb. Beləcə də ən aşağıda qalmışam. Fikirləş gör nə qədər adam işə vəzifə pillələri ilə qalxmaq arzusu ilə gəlir, fikirləşir ki, daha məsul vəzifə alandan sonra nəyə qadir olduğunu göstərəcək, böyük işlər görəcək. Amma mənim bildiyimə görə, yaxşı bir şeyi əvvəlcə alıb, hesabını sonra ödəyə biləcəyin yeganə yer restorandır. İşdə və həyatda uğurun qiymətini onun bəhrələrini görməmişdən qabaq ödəməlisən.

İndiyə qədər etdiyin yaxşı işlərin mükafatını almamısansa, bu o demək deyil ki, heç vaxt almayacaqsan. İnsan həmişə əkdiyini biçir. Toyuqlar həmişə öz hininə qayıdır. Sən də həmişə haqq etdiyini alırsan. İstənilən yaxşı işin, nə qədər kiçik olur-olsun, yaxşı nəticələri olur. Yeri gəlmişkən, sən istənilən böyük biznesmenin (mən yaxşıların yaxşılarını nəzərdə tuturam), dahi ixtiraçının, böyük rəssamın və ya dahi alimin bioqrafiyası ilə tanış olsan görərsən ki, onların heç biri işini pula görə etməyib.

– Doğrudan?

– Əlbəttə. Ruzvelti və ya Mandelanı, Edison və ya Eynşteyni yadına sal. Onları hərəkətə gətirən pul deyildi. Belə insanları hərəkətə gətirən maraqlı məsələlər olub. Əla bir şey yaratmaq şansı olub. Qeyri-adi bir şey etmək istəyi olub. Məhz bu yanğının sayəsində onlar əfsanəyə çevriliblər.

– Maraqlıdır, – qeyd etdim.

– Qulaq as, mən özüm sənə deyəcəyəm ki, tam gücünlə yaşamaq üçün pul çox vacibdir. O, sərbəstlik gətirir. Stressi azaldır. Sevdiyin adamların lazımi səviyyədə qayğısına qalmağa kömək edir.

– Başqalarına kömək etməyə də, – əlavə etdim, – Mən eşitmişəm ki, yoxsullara kömək etməyin ən yaxşı üsulu onlardan birinə çevrilməməkdir.

– Doğrudur, Bleyk. Əla fikirdir. Lakin pul həqiqətən də özündə olan ən yaxşı şeyləri gerçəkləşdirmək və HNİ etmək vərdişinin törəmə məhsuludur.

– İndi də HNİ. Bu nə olan şeydir?

– Həqiqətən Nöqsansız İş, mənim dostum. Sənin bu yaxınlarda tanış olacağın dörd dahi müəllim qısaltmaları xoşlayır. Mən də onların oyununu oynayıram… Heç özüm də bilmirəm niyə, hərçənd bunun qəribə göründüyünü anlayıram.

– Sözün düzü, Tommi, doğrudan da bir az qəribədir.

– Bir qədər qeyri-adilik işin xeyrinədir. Adamların əksəriyyəti sanki bir ülgü üzrə tikilib, adamın ürəyi bulanır. Sən başqalarından fərqli düşünmək, hiss etmək və davranmaqdan qorxursansa yaradıcılıq, yenilikçilik və başqa gözəl şeylər sənlik deyil. Özünəməxsus ol, Bleyk. Dünyaya daha heç vaxt indi mənim qarşımda dayanmış Bleyk Devisin dəqiq surəti gəlməyəcək. Sən bütün dünyada, bütün zamanlar üçün yeganəsən. Və heç kim özün qədər yaxşı sən ola bilməyəcək.

– Maraqlı nəzər nöqtəsidir. Mənə həmişə elə gəlirdi ki, mən göründüyümdən daha orijinalam, sadəcə özümü saxlayıram. Müharibədə olandan sonra isə tamam özümə qapandım. Amma sizinlə görüşdən sonra əhvalım birdən-birə yaxşılaşdı. Bunun üçün sağ olun. Mənim döyüş yoldaşlarımın da sizinlə tanış olması və bildiklərinizi öyrənməsi çox yaxşı olardı.

– Nə olar. Əmin ol ki, biz onlara da kömək edəcəyik. Səninlə birlikdə liderlik haqqında ismarıcı bütün dünyaya yayacaq, var qüvvəsi ilə işləmək, özünün bütün işlərində lider olmaq istəyən hər bir adama çatdıracağıq. Fikirləşirəm ki, artıq çoxları bu fəlsəfə ilə tanış olmağa hazırdır. Ömür qısadır və indi insanlar anadangəlmə potensiallarını gerçəkləşdirmək və dünyanı yaxşıya doğru dəyişməyi özlərinin etməli olduqlarını dərk etməyə həmişəkindən daha yaxındırlar. Sən bilirsənmi orta ömür cəmi doqquz yüz altmış aydır?

– Cəmisi? Bu cür ifadə edəndə həyat lap qısa görünür…

– Hə, o heç də uzun deyil. Hardasa iyirmi doqquz min günə yaxındır.

– İşə bax. Doqquz yüz altmış ay və ya iyirmi doqquz min gün. Bunu yadda saxlamaq lazımdır.

– Belə ki, əsil liderliyə təxirə salmadan keçmək lazımdır. Heç vaxt titulum olmasa da şirkətimizdə əla nüfuza malikəm. İşimi yerinə yetirmək üçün mənə rütbə lazım deyil. Mən öz davranışımla ümid etdiyimdən çox-çox artıq hörmət və rifah qazanmışam. Mənə ən məsuliyyətli işləri tapşırıblar. Şirkətin ali rəhbərliyi mənim məsləhətlərimə əməl edib. Hamının arzusunda olduğu Karib adalarına dəfələrlə putyovka almışam. Pul isə əlimə özü gəlib. Dostum, lider olmaq üçün titul lazım deyil. Lazım deyil, vəssalam, – Tommi söhbəti bitirdi.

O, saatına baxdı. Siferblatda Kvadrat Tumanlı Süngər Bobun şəkli çəkilmişdi. Mən buna rəyimi bildirməkdən çəkindim. Çox qəribə adamdır. Amma, indicə qeyd etdiyim kimi, o mənim xoşuma gəlir. Mənə tamamilə aydın idi ki, bu əcayib görkəmin və mənə təlim etmək istədiyi yeni, qəribə fəlsəfənin arxasında xeyirxah bir ürək gizlənir.

– Hər bir halda mən işimə doğrudan da ciddi yanaşıram, biz isə çənə vurmağa filan qədər vaxt sərf etdik, Bleyk. Bu mənim ürəyimcə deyil. Bilirəm ki, bu filialda bəzi şeyləri yaxşılaşdırmaq lazımdır. Amma deməliyəm ki, əla şirkətimiz var və sənin bəxtin gətirib ki, burada işləyirsən. Mənə bu gün vaxt ayırdığın üçün sağ ol.

– Problem yoxdur, Tommi, – söhbətin belə qəfldən kəsilməsindən bir qədər pərt şəkildə cavab verdim. – Söhbət üçün mən təşəkkür etməliyəm. Mən çoxlu yeni şey öyrəndim.

– Sağlığına qismət. Yadında saxla ki, dostum, hər şey TLE-yə bağlıdır. Təkcə işdə yox, həyatda da. Əvvəl də qeyd etdiyim kimi, nəyi nəzərdə tutduğumu fikirləşdiyindən daha tez anlayacaqsan. Çevrilişə hazır ol. Səni ən rəngli yuxularında belə görmədiyin iş uğuru və şəxsi xoşbəxtlik gözləyir. Sən bu şirkətin rok-ulduzu olacaqsan. Mən sənə görə çox şadam, – o, yumruğunu yenidən yuxarı qaldırıb, göz vuraraq dedi.

– Artıq mən özüm də özüm üçün şadam.

– Lakin, Bleyk, səni liderliyə doğru bu qeyri-adi səyahətə götürməzdən qabaq, səninlə bir müqavilə bağlamalıyam. Xahişimi qəbul etməyə hazır deyilsənsə, səninlə ünsiyyətdə olmaq nə qədər xoş olsa da, səni dörd müəllimə təqdim edə bilməyəcəm.

– Nə müqavilədir? – mən yeknəsəq həyatımı dəyişməklə bağlı bu cəlbedici imkanın ilğıma çevriləcəyindən bir qədər qorxaraq soruşdum. Sözün düzü Tomminin mənim üzərimə hansısa bir öhdəlik qoymaq istəməsindən bir qədər ruhdan düşdüm də.

– Narahat olma, mənim şərtlərim o qədər də ağır olmayacaq. Əminəm ki, liderliyin fəlsəfəsi ilə tanış olduqdan sonra sən mənim xahişimi müqaviləsiz də yerinə yetirəcəksən.

– Elə isə müqavilə nədən ibarətdir? – soruşdum.

– Sadəcə mənə söz ver.

– Nəyə?

– İmkan düşən kimi müəllimlərimizdən öyrənəcəyin ideya və metodları ətrafındakılarla bölüşdürməyə, Bleyk. Bunun əvəzində sənin mükafatın çoxlu sayda insanın həyatını yaxşılaşdırmaq imkanı, mənim mükafatım isə özümün müəllimlərlə bağladığım müqaviləni yerinə yetirməyim olacaq.

– Onlar da sizdən eyni vədi alıblar? – soruşdum.

– Bəli. İndi, öz təcrübəmdə onların dərslərinin qeyri-adi faydasına inanandan sonra, niyə belə etdikləri mənə aydın olur. Bu dörd nəfər mənim rast gəldiyim insanların ən güclüləri və alicənablarıdır. Onlar əmindirlər ki, fəlsəfələri hər bir insanın həyatını yaxşılaşdırmağa, bütöv təşkilatları kökündən dəyişməyə qadirdir. Bundan əlavə, şübhə yoxdur ki, bu biliklər bütöv ölkələr və xalqları qeyri-adi irəliləyişə gətirməyə qadirdir. Ona görə də insanlara öz potensiallarını tam şəkildə gerçəkləşdirməyə kömək etmək və dünyanı daha rahat etmək istəyini rəhbər tutan dörd müəllim məndən söz aldılar ki, onların nəzəriyyəsini yayacam. Bleyk, mən bu gün bura məhz bunun üçün gəlmişəm. Səndən də belə bir sözü bunun üçün almaq istəyirəm.

– Yaxşı, razıyam. Əlimə imkan keçən kimi bu fəlsəfəni adamlarla bölüşəcəm. Əgər bu sizin dediyiniz qədər səmərəlidirsə, bəlkə onun haqqında kitab da yazacam. Oxucularımın hamısı bu liderlik ideyaları ilə tanış ola biləcəklər. Hamımız insanlar, müəssisələr və bütöv ölkələrin daha yaxşı olması üçün səy göstərməliyik. Belə ki, Tommi, mən sizə həvəslə söz verirəm.

– Əla, – Tommi sakit cavab verdi.

O məni kitab dolablarının arasında tək qoyaraq getdi. Beynimdə yeni fikirlər dolaşırdı. Uzun illərdən bəri ilk dəfə ürəyim sevinclə çırpınırdı. Mən yenidən özümü canlı hiss etdim. Yenidən Ümid qazandım.

Bəli, bu möhtəşəm bir an idi. Artıq Tommi Flinlə tanış olduğum gün çox-çox arxada qalıb. Zamanın bu qədər sürətlə keçdiyinə inanmaq olmur. Beləcə də yaşayırıq: günlər həftələrə, həftələr aylara dönür… və hamısı da bir göz qırpımında keçib gedir.

***

Bu başdan deyim ki, Tommi həmin bazar ertəsi günü Sohodakı kitab mağazasında verdiyi vədlərin hamısını yerinə yetirdi. Birincisindən sonuncusuna qədər.

Onun qeyri-adi fəlsəfəsi ilə tanışlıqdan sonra mənim dünyam doğrudan da kökündən dəyişdi. Məni tanış etdiyi dörd müəllimin təlimi nəticəsində karyeram sürətlə yüksəlməyə başladı. Onların ideyalarını mənimsəyib xoşbəxtlik və daxili rahatlıq tapdım. O vaxta qədər bunlar məndən inadla uzaq durardılar. Bunların hamısı, Tomminin vəd etdiyi kimi, gözlədiyimdən də tez baş verdi.

Sizə fəxrlə deyə bilərəm ki, indi mən Bright Mind Books kitab şirkətinin tarixində ən cavan vitse-prezidentəm. Mən bütün ölkə boyu səyahət edir, müxtəlif şəhərlərdə yerləşən mağazalarımıza baş çəkir, müqavilələr bağlayır və bütün səviyyədən olan işçilərimizə liderə çevrilməkdə yardım göstərirəm. Bizim şirkətimiz sürətlə inkişaf edir və böyük gəlirlər əldə edir. Alıcılar bizim xidmət səviyyəmizə heyran qalırlar və çoxlu insanlar bizim şəbəkədə işləməyi arzulayırlar.

Mən təkcə öz işimdən deyil, şəxsi həyatımdan da çox razıyam. Mən sağlamam, əsil dostluğumuz və iki gözəl övladımız olan qadınla evliyəm. İndi, müharibədə keçirdiyim dövrü məni daha güclü və müdrik insana çevirmiş qiymətli şəxsi inkişaf dövrü kimi xatırlayıram. Əgər kitab mağazasında işləmək əvvəllər mənə yerində saymaq kimi görünürdüsə, indi öz işimi əsil incəsənət hesab edirəm.

Lakin sizinlə bölüşmək istədiyim əsas şey budur ki, mən təkcə uğur qazanmamışam, mən özümü lazımlı hiss edirəm. Həyatımın mənası olduğunu hiss edirəm. Dünya mənim mövcud olmağım nəticəsində bir qədər yaxşılaşıb. Bu hissdən gözəl nə ola bilər? Bunlar hamısı Tommi ilə tanış olduğum həmin səhər başladı. Yadınızdadırsa, elə həmin vaxt müəllimimə söz verdim ki, öyrəndiklərimi rastıma çıxan hər bir kəslə bölüşəcəm. İndi mən onları kitabımın bütün oxucularına ötürmək kimi bir şərəfə nail oluram. Zəhmət olmasa kəmərləri bağlayın, çünki səfərimiz olacaq.

Fəsil 3
SIRAVİLİYƏ GÖRƏ QANQARALDAN CƏZA VƏ LİDERLİK ÜÇÜN MÖHTƏŞƏM MÜKAFAT

Yalnız sıravilər öz əməllərinin ən yüksək nöqtəsində ölürlər. Əsl liderlər dayanmadan təkmilləşir və yuxarı həddi gündən-günə qaldırırlar.

Jan Jirado

Tanışlığımızın sonrakı günü Tommi dedi ki, fəlsəfəsi haqqında bütün zəruri bilikləri mənə verməsi üçün ona cəmi bir gün lazımdır.

– Mənə cəmi bir gün ver, Bleyk, – səmimiyyətlə dedi. – Mən səni qeyri-adi insanlarla tanış edəcəyəm. Bunlar nə vaxtsa mənə TLE-nin əsasları haqqında dörd dərs keçmiş həmin dörd müəllimdir. Hər şeydə necə uğur qazanmağı onlar sənə müfəssəl danışacaq və həqiqi liderliyin nədən ibarət olduğunu anlaşılan dildə izah edəcəklər. Mən ilişmiş qramval kimi təkrarlamaq istəmirəm, amma liderlər təkcə direktorlar, generallar və dövlət başçıları deyillər. Hər bir kəsin lider olmaq imkanı var. İndi, biznes və cəmiyyətdə sürətli dəyişikliklər baş verdiyi bir dövrdə, bu, qalib olmaq üçün zəruri olan yeganə bilikdir.

– Lider olmaq üçün mənə sadəcə canlı insan olmaq kifayətdir, eləmi?

– Bəli. Sən nəfəs ala bilirsənsə, deməli liderlik də edə bilərsən, – o mənim özüm və gələcəyim haqqında son şübhələrimi də yox edən inamlı bir səslə bildirdi.

Bir neçə gün sonra, şənbə günü erkəndən, avtomobilimdə Nyu-Yorkun küçələri ilə gedirdim. Məni sükan arxasında yuxulamaqdan yalnız içdiyim bir fincan tünd qəhvə və sevincli öngörülər qoruyurdu. Mən şəhər kənarına, Tommi ilə görüşə gedirdim. O, mənim orada düz səhər saat beşdə olmağımı təkid etmiş və bildirmişdi ki, «bu, günün ən yaxşı vaxtıdır». Mən də müəllimimi pərişan etməmək üçün dişimi sıxıb tabe olmuşdum.

Maşında rok musiqisi səslənirdi. Mən qeyri-adi dərəcədə boş küçələrlə Manhettendən keçib görüş yerinə aparan avtostradaya çıxdım. Əhvalım getdikcə yaxşılaşırdı. Günün necə keçəcəyini təsəvvür də etmirdim. Lakin mən artıq qeyri-müəyyənliyi qiymətli bir hədiyyə kimi qəbul etməyi öyrənmişdim. Bizim əksəriyyətimiz naməlum şeylərlə qarşılaşanda qorxuruq. Lazımsız yerə. Adətən naməlumluq sadəcə macəranın başlanğıcı olur. İnkişafın da müjdəçisi.

Tomminin mənə verdiyi təlimatda «Rouzmid qəbiristanlığının yanında dayan. Orada mənim maşınımı görəcəksən. Məni tapmaq asan olsun deyə maşının ölçü işıqlarını yanılı qoyacağam» deyilirdi.

Təxminən beşə on dəqiqə qalmış, xəritəyə görə məni təyinat məntəqəsinə gətirəcək torpaq yola döndüm. Yol kənarındakı şam ağaclarının başı göyə çatırdı. Yerin üzərini yüngül duman örtmüşdü. Təlimatda göstərildiyi kimi, sol tərəfdə, ağacların arasında boşluq gördüm. Görüşün qəbiristanlıqda təyin edilməsinin mənasını anlamasam da güman edirdim ki, Tommi yaxınlıqdakı hansısa yeri mənə göstərmək istəyir, qəbiristanlıq isə rahat və yaddan çıxmayacaq bir işarə məntəqəsidir.

Qəbiristanlığın qapılarına yaxınlaşanda heyrətdən gözlərim kəlləmə çıxdı. Tomminin maşını yolun kənarında dayanmışdı. Ölçü işıqları, onun dediyi kimi, yanırdı. Məni şoka salan isə maşının markası idi. Qara rəngli yeni «porşe 911S»! Adlı nömrə nişanında LDRSRUS hərfləri yazılmışdı. Mən başımı buladım və gülümsədim. Tommi məni təəccübləndirməyi davam edirdi. Yeni inqilabi liderlik modelinin xeyrinə təmtəraqlı kabinetdən və nümayəndəlik xərclərindən imtina edən bu qəribə kitab satıcısı mənim xəyallarımın maşınına malik idi.

Mən maşınımı «porşe»nin arxasında saxladım və mühərriki söndürdüm. Qaranlıq yolun üstündən qorxunc sükut asılmışdı. Gözüm çox da uzaqda olmayan təpənin üstündəki tənha fiquru seçdi. Tommiyə oxşayırdı. O, tərpənmədən qəbiristanlığın ortasında dayanmışdı.

Mən maşından çıxıb, özümü xaçlarla əhatə edilmiş xiyabanla Tomminin üstündə dayanmış olduğu təpənin yanına getməyə çətinliklə məcbur etdim. Boynuma alım ki, bir qədər qorxdum da. Hər halda hələ qaranlıq idi və mən qəbiristanlıqla yenicə tanıdığım adamın yanına gedirdim. Düzdür mən digər əməkdaşlardan onun haqqında soruşmuşdum. Onun öz haqqında danışdıqları tam həqiqət imiş. Xırdalıqlarına qədər. Belə təəssürat yaranırdı ki, ona inanmaq olar.

Yetmiş yeddi yaşı olmasına baxmayaraq Tommini şirkətimizin ən yaxşı işçisi hesab edirdilər. O, Karib adalarına səfərləri və böyük pul mükafatlarını doğrudan da udmuşdu. Ona çox böyük əmək haqqı ödəyirdilər və dəfələrlə yüksək vəzifələr təklif etmişdilər. Şirkətin bütün rəhbərləri ona böyük hörmət və səmimi heyranlıqla yanaşırdılar. Lakin o səhər çağı qəbiristanlığın ortasındakı bu görüşün həyatımın heç də ən düşünülmüş hadisəsi olmadığı hissindən canımı qurtara bilmirdim. Bununla belə qəlbimin dərinliyində ruhlandırıcı bir səs deyirdi ki, mən hər şeyi düz edirəm. Belə ki, mən irəli addımlayırdım.

Adamın dayandığı təpəyə yaxınlaşanda üfüqdə günəşin ilk şüaları, işıqlanan səmada isə əriməyə hazır olan bədirlənmiş ay görünürdü. Möhtəşəm mənzərə idi.

Nəhayət mən səhərin alatoranında dayanmış fiqura lap yaxınlaşdım. Artıq onun Tommi olduğuna şübhəm qalmamışdı. O, arxası mənə dayanmışdı. Mənimlə ilk dəfə görüşərkən geyindiyi paltarda idi. Onun düz qarşısında iki yeni qazılmış qəbir var idi. Mən çaşıb qalmışdım.

İlk istəyim qaçmaq oldu. Bəlkə bu öz qurbanlarının siyahısını artırmaq üçün məni adamsız bir yerə dəvət etmiş manyakdır. Əsəblərim gərilməyə başladı. Fikirlərim qarışırdı. Mən yerimdəcə donub qaldım.

Tommi yavaş-yavaş mənə tərəf döndü. Saçları həmişəki kimi pırtlaşıq idi. Gülümsəyirdi. Mən demək olar ki, o dəqiqə rahatladım. Səma şərqdən sürətlə işıqlanırdı. Məni maraqlı bir gün gözlədiyi tam yəqin idi.

– Sabahın xeyir Bleyk, – Tommi özünün həmişəki inamlı səsiylə dedi. – Sən çox dəqiqsən. Bu məni sevindirir. Doğrudan sevindirir. Düzdür, hələ çox tezdir, amma bir şeyi bilirəm: lider o adamlar olur ki, uğursuzların etmək istəmədiklərini edir, hərçənd bunlar onun da xoşuna gəlməyə bilər. Onlar yüngül və xoş olanı qurban verib, lazım və düzgün olanı etmək üçün kifayət qədər intizamlıdırlar. Lakin belə hesab etmək lazım deyil ki, əsil liderlər həzz almağı xoşlamırlar. Belə deyil. Onlar, özlərinin uğur qazanmaq və sabit müsbət nəticələr əldə etmək qabiliyyətləri sayəsində, həyatdan bizim əksəriyyətimizin özünə təsəvvür etdiyindən qat-qat çox ləzzət alırlar. Öz istedadını tam gerçəkləşdirdiyini, öz işini əla yerinə yetirdiyini və həyatını yaxşı şeylərə sərf etdiyini anlamaq qədər xoşbəxtlik gətirən başqa şey təsəvvür etmək çətindər, – Tommi boynundan TLE yazılmış medalyonunu çıxara-çıxara dedi.

– Bunu sənə bağışlayıram, Bleyk, – müəllimim davam etdi. – Bura gəlməyə cəsarətin çatdığı üçün. Bu isə o deməkdir ki, işin yarısı artıq görülüb. Bir də ona görə ki, bizim ilk görüşümüz zamanı mənim fəlsəfəmlə maraqlanmağa ağlın kifayət etdi. TLE hərfləri «titulsuz liderlik et» deməkdir. Bu gün tanış olacağın üsulun məğzi bundan ibarətdir. Lider olmaq üçün sənə titul lazım deyil, dostum. Bu ifadəni bu gün dəfələrlə eşitməyə də hazır ol. Bu, tədris prosesimizin tərkib hissəsidir. Öyrənmə təkrarın qızıdır.

– Hansı mənada?

– O mənada ki, təkrar səmərəli öyrətmə taktikasıdır. Yeni ideya təkrar vasitəsilə tezliklə inama çevrilir. Sənə isə etdiyi bütün işlərdə lider olmaq üçün insana titul lazım olmadığına bütün qəlbinlə inanmaq lazım olduğu üçün sən bu gün bu sözləri dəfələrlə eşidəcəksən. Mütəfəkkir J.K.Çestertonun dediyi kimi, «bizim dərslərdən daha artıq xatırlatmalara ehtiyacımız var».

– Anlayıram, – müəllimimin dabansız çəkmələrindəki parıldayan dəmir pullara qıyqacı baxaraq cavab verdim.

– Çox gözəl. Beləliklə biz artıq mağazada danışmışıq ki, liderlik yalnız Harvardı qurtaranlara və ya zadəganlara müyəssər ola biləcək mürəkkəb bir incəsənət deyil. Bizim hər birimiz insan olduğumuza görə lider də ola bilərik. İndi cəmiyyətimizdə baş verən köklü dəyişikliklər şəraitində isə, liderlik etmək qabiliyyəti biznesdə uğur qazanmaq üçün ən vacib vərdişə çevrilib.

Keçən söhbətimizdə aydın qeyd etməyi unutduğum daha bir şey: liderliyi təkcə işdə tətbiq etmək kifayət deyil. Oyuna girdiyin bütün sahələrdə lider olmalısan.

Həyatda ən yüksək zirvələri fəth etmək üçün hər şeydə – sağlamlığının qayğısına qalmaqda, sevdiyin adamlarla münasibətlərdə, maliyyə məsələlərində və icmanın işlərində də lider olmalısan. Ən əsası isə, özünün lideri olmalısan. Əgər özünün lideri ola bilmirsənsə, başqalarından danışmağa da dəyməz. Əsas ideya bundadır. Psixoloq Rollo Mey deyib: «Özümüzdə güc mənbəyi tapmaq yaxınlarımız üçün edə biləcəyimiz ən yaxşı şeydır», – Tommi iqtibas gətirdi, səhərin havasını dərindən ciyərlərinə çəkdi və çiynimi qucaqlayaraq dedi: – Diri olmaq üçün gözəl gündür, Bleyk. İnanmırsansa bunun əksini təsəvvür et.

– Hədiyyən üçün çox sağ ol, Tommi – dedim və medalyonu boynuma asdım.

Nəhayət ki, o bu hərfləri açıqladı. TLE – «Titulsuz liderlik et». Əla səslənir.

– Sənə isə belə erkəndən bura gəldiyin üçün bir daha təşəkkür edirəm, – müəllimim dedi. – Erkən oyanmaq bütün titulsuz liderlərin adətidir. Bencamin Franklinin sözlərini yadına sal: «Öləndən sonra yatmaq üçün nə qədər istəsən vaxtın olacaq». – Tommi təzə qazılmış qəbirlərə ifadəli bir nəzər saldı.

– Franklin nadir zəvzəkdir – mən donquldandım.

– Amma haqlıdır. Yatmaq çətin iş deyil. Amma hər gün bir saat əvvəl oyansan, bu sənə həftədə yeddi əlavə saat verir. Ay ərzində otuz saat. Otuz günə, demək olar ki, tam bir iş həftəsi! Bu vaxtı planlar qurmağa, şəraiti təhlil etməyə və layihələr işləyib-hazırlamağa sərf etmək olar. Bu saatlarda sən dəyərləri yenidən qiymətləndirə, daxili sədləri dağıda və öz təfəkkürünü itiləyə bilərsən. Sən öyrənə və inkişaf edə, sona çatdırmadığın hər bir şeyi mükəmməl edə bilərsən.

Bleyk, bizim səyahətimizin hədəflərindən biri kamillikdir. Razı qalmaq yaxşı şeydir, lakin heç vaxt sona qədər razı qalma. Kamilliyə can at. Üstündə işlədiyin hər şeyi ehtirasla və yorulmadan cilala.

– Ruhlandırıcı fikirlərdir. Amma yenə də bir fincan qəhvəyə ehtiyac hiss edirəm, – etiraf etdim.

Tommi bütün diqqətini nitqinin üzərində cəmləmişdi. O məni eşitsə də sözlərimə heç bir reaksiya vermədi. Müəllimim öz nəzərlərini yenə də qəbirlərin dərinliyinə yönəltdi.

– Hm… öz-özümə sual verirdim ki, görəsən bunlar nəyə lazımdır, – dedim. – Etiraf edim ki, siz məni qorxutdunuz. Qəbirləri görəndə ağlınızın başınızda olduğundan şübhələndim. Lakin, Tommi, mən sizə inanıram. Bəlkə də atamla tanış olduğunuza görə. Ulu tanrı, onun yeri necə də görünür.

– Mən də onun üçün darıxıram. O son dərəcə alicənab və mehriban adam idi. Lap cavanlığından həmişə ən gözəl yolları seçirdi, onlar ən çətinləri olsa belə. Əminəm ki, atan mənimlə rastlaşdığını bilsəydi çox sevinərdi. Xüsusən də sənin öz həyatını və karyeranı kökündən dəyişmək qərarına.

– Hə, o razı qalardı, – sakitcə dedim.

– Bir neçə saata qazmışam, – Tommi dərin xəndəklərə işarə edərək dedi. – Yetmiş yaşlı qoca üçün yorucu işdir, cavan oğlan, – qımışaraq əlavə etdi. Qəbirlər məni ovsunlayır. Onlar həyatın sürətlə keçdiyini çox parlaq xatırladır… axı hamımızın sonu eynidir. Bir ovuc torpaq. Bizə bu qədər lazımlı görünən şeylərin hamısı – titul, kapital, ictimai mövqe öz mənasını itirir. Baş direktoru da süpürgəçi ilə yanaşı basdırırlar. Yeganə vacib olan şey sağlığında daxili liderinlə tanış olmağa imkan tapmısanmı, və tapmısansa yaradanın bu bəxşişini ətrafdakılara təklif etməyə cürətin çatıbmı. Bütün ikinci dərəcəli şeyləri kənara qoysaq, həyatın əsl mənası məhz bundan ibarətdir. – Tommi ara verdi və səhərin təmiz havasını yenidən ciyərlərinə çəkdi. – Ölüm haqqında düşüncələrdəki ən maraqlı şey bizi həyatdakı ən vacib şeylərə təhrik etməsidir. Buraya bax.

Qəbirlərdən birinin dibində yazılı lövhə var idi. Əvvələr mən beləsini görməmişdim. Onun üzərində çap hərfləri ilə yazılmış yazını seçmək mümkün idi.

– Aşağı marş, – tədris hissəsində təlim aparan serjantlarımızdın birini xatırladan Tommi əmr etdi, – bir qədər üstünü bulamaqdan qorxma. Quyuya düş və lövhəni çıxart.

Diksindim. Beynimə şübhələr dolmağa başladı. Lakin qorxu məni çulğamamış, quyuya tullandım, cəld lövhəni götürdüm və üstündəki torpağı üfürdüm. Günəş bir qədər də yuxarı qalxmışdı. Quyuda dayanıb, müəllimimə baxmadan lövhənin üzərindəki yazını oxumağa başladım.

Başlıqda «On insan təəssüfü» sözləri yazılmışdı.

– Bu nə deməkdir? – soruşdum.

– Sonrasını oxu.

– On insan təəssüfü, – ucadan oxudum, arxasınca isə bel bir siyahı gəlirdi:

1. Son günün gəlib çatdı, həyatın sənə verilməsinin səbəbi olan ecazkar mahnı isə heç səslənməyə başlamayıb da.

2. Son günün gəlib çatıb, sən isə böyük işlər görmək və nəhəng məqsədlərə çatmaq kimi anadangəlmə qabiliyyətini gerçəkləşdirməmisən.

3. Son günün gəlib çatıb və sən başa düşürsən ki, heç vaxt, heç kimi öz nümunənlə ruhlandırmamısan.

4. Son günün gəlib çatıb və heç vaxt risk etmədiyini və deməli böyük mükafat udmadığını dərk etməyin bu günü zəhərə döndərir.

5. Son günün gəlib çatıb və sən anlayırsan ki, ustalıq əldə etmək imkanını qaçırmısan, çünki taleyinə sıravi adam kimi qalmaq yazılmış olduğu haqqında yalana inanmısan.

6. Son günün gəlib çatıb və fəlakətləri qələbəyə, qurğuşunu qızıla çevirmək incəsənətini mənimsəmədiyindən ürəyin ağrıyır.

7. Son günün gəlib çatıb və o, əməyinin tək özünün yox, başqalarının da rifahına xidmət etməli olduğunu yaddan çıxarmağının peşmanlığı ilə doludur.

8. Son günün gəlib çatıb və sən başa düşürsən ki, bütün ömrün boyu özün istədiyinə deyil, cəmiyyətin səni şirnikləndirdiyinə can atmısan.

9. Son günün gəlib çatıb və sən öz potensialını tam ölçüdə gerçəkləşdirmədiyini, anadangəlmə dahiliyinə yaxınlaşa bilmədiyini anlayırsan.

10. Son günün gəlib çatıb və sən başa düşürsən ki, lider ola, bu dünyanı sən doğulanda olandan daha mükəmməl vəziyyətə gətirməyə yardım edə bilərdin. Lakin qorxudan bu vəzifəni boynuna götürməkdən imtina etmisən. Ona görə də uğursuzluğa uğramısan və həyatını havayı yaşamısan.

Mən bilmirdim nə deyim. Hansısa izahedilməz səbəbdən bu sözlər mənə çox təsir etdi. Bəlkə ona görə ki, yubatmadan həyatımı dəyişib titulsuz liderə çevrilməsəm başıma nə gələcəyini çox tutumlu və parlaq şəkildə təsvir edirdilər. Bəlkə də ona görə ki, özümün fani olduğumu və həyatımın nə qədər sürətlə keçdiyini xüsusilə kəskin hiss etmişdim. Və ya bu hiss ona görə yaranmışdı ki, Tommi son illərdə özümü qurban kimi apardığımı, bütün məsuliyyəti öz üzərimə götürmək yerinə, həyatımı qura bilməməkdə xarici amilləri təqsirkar bildiyimi etiraf etməyə məni vadar etdi. Mən birdən anladım ki, son nəticədə hər birimiz həyatımızı özümüz qururuq. Mən yalnız özümün qərar və hərəkətlərim nəticəsində indi olduğum kimiyəm.

Bir şeyə şübhə yox idi: bu, çox dərin mənalı bir mətn idi. «On insan təəssüfü» haqqında nə qədər çox adam bilsəydi, o qədər yaxşı olardı. Bu siyahı ilə tanış olacaqları halda, insanların öz potensiallarını daha tez-tez gerçəkləşdirəcəklərini və mənfi fəaliyyət şablonlarından imtina edəcəklərini bir təsəvvür edin. Məktəbliləri bu siyahı ilə tanış etmək nə qədər yaxşı olardı. «On insan təəssüfü» siyahısının geniş yayılacağı halda planetimizdə neçə insan həyatını xilas etməyin mümkün olacağını təsəvvür edin. Onda insanlar özlərini elə aparardılar ki, təəssüf etməyə səbəb qalmazdı.

Məhz həmin an mənim içimdə nəsə tamamilə dəyişdi. Bu, məlum agaholma anı idi. Püşk atılmışdı. Dünya başqa cür olmuşdu. Mən iş tərzimi köklü surətdə dəyişməyi özümə söz verdim. Həyat tərzimi tamamilə dəyişəcəyimə and içdim.

Oyuna qayıda bilmədiyimə görə günahı müharibənin boynuna qoymaq yetər.

Menecerimi işi normal qaydada təşkil edə bilməməkdə təqsirləndirmək yetər.

İndiki zamanda uğur qazana bilməməyimə görə keçmişi günahkar saymaq yetər.

Yorulmuş, üst-başı batmış halda qəribə müəllimimin bu gözəl gün başlamamışdan çox-çox əvvəl qazdığı dərin qəbirdə dayandığım həmin an bəhanələr və bəraətlər axtarmağı tərk etdim. Mən hərəkətlərimin nəticələrinə görə məsuliyyəti bütövlüklə öz üzərimə götürdüm və yeni həyata qədəm qoydum.

– Tommi, bunu sən yazmısan?

– Hə, Bleyk… mən – o, əllərini Mikki Mauslu dəsmalla silərək cavab verdi. Onun üzü ciddi, səsi qətiyyətli idi.

– Yer üzündə cəhənnəmi görmək bu birinci qəbirdə ölməkdir. Yer üzündə cəhənnəmi görmək həyat yolunun sonunda bu on təəssüf hissini yaşamaqdır. Ruh üçün öz ölüm saatını bu cür qarşılamaqdan daha fəlakətli bir şey yoxdur. İnsan ürəyi yalnız o vaxt həqiqətən sına bilər ki, son dəqiqədə, ona verilmiş ən qiymətli bəxşişi – ətraf aləmə öz əzəmətini göstərmək şansını boş yerə sərf etdiyini anlasın. Liderə agah olan və səninlə bölüşə biləcəyim ən əhəmiyyətli fikirlərdən biri budur: gerçəkləşdirilməmiş potensial ağrı verir. Ən kədərlisi isə odur ki, adilik və əhəmiyyətsizlik insan həyatına hiss edilmədən daxil olur. Bu bəla səssiz-səmirsiz gəlir. Birdən – hop – görürsən ki, sonun çatıb! – müəllimim əllərini qüvvətlə bir birinə vurub qışqırdı.

Sənin tanış olacağın dahi liderlik müəllimlərindən öyrəndiyim ən vacib həqiqətlərdən biri belədir:

Uğur hər gün müntəzəm olaraq yerinə yetirilən kiçik hərəkətlərdən təşkil olunur; zaman keçdikcə onlar toplanır və insanın əvvəlcədən hesablaya biləcəyindən qat-qat böyük uğura səbəb olur.

Bu kiçik hərəkətlər o qədər sadədir ki, çoxları onların səmərəliliyi barəsində heç düşünmürlər də. Ona görə də bunları etməyi vərdişə çevirmirlər.

– Deməli, əslində uğur asan başa gəlir, – yaxşı yadda saxlamaq üçün Tomminin dediklərini başqa sözlərlə təkrar etdim. – Hər bir kəs müntəzəm olaraq düzgün şeylər etsə uğur qazana bilər. Bu kiçik hərəkətlər tədriclə toplanıb sonda müsbət nəticələr verir. Güman edirəm ki, burada müəyyən mənada impulsun saxlanması qanunu işləyir. Belə ki, hər bir adam əvvəldə əlçatmaz görünən uğuru qazana bilər. Bu mənə kəndlinin əməyini xatırladır. O, torpağı gübrələyir. Toxum səpir. Cücərtiləri suvarır. Və sanki heç nə baş vermir.

– Amma kəndli təslim olmur. O vaxtından əvvəl tarlaya qaçmır və kökümeyvəliləri tapmaq üçün torpağı eşələmir, – Tommi şadyana əlavə etdi.

– Kəndli səbr edir və öz üsuluna inanır. O, inanır və anlayır ki, gündəlik əməyinin nəticəsi məhsul olacaq. Bir gün elə belə də olur – meyvələr sanki heçdən yetişir.

– Bleyk, sən ağıllı oğlansan. Gözəl bənzətmədir, dostum. Sənin atan haqlı idi. Sənin nəhəng potensialın var. Afərin! – müəllimim sevinclə əlini əlinə vurdu. – Bizim kəndlidən öyrənməli olduqlarımız var, – sözünü tamamladı və sakit bir səslə, sanki özü ilə danışırmış kimi əlavə etdi: – Bu oğlan uzağa gedəcək.

Səmada bir dənə də bulud yox idi. Quşların səsi gəlirdi. Günəş üzümü tumarlayırdı. Gün doğrudan da gözəl başlayırdı.

– Uğurlu insanların hamısı sayı az olan eyni liderlik üsullarını tətbiq edirlər, – Tommi davam etdi. – Onlar təkidlə eyni fundamental addımları atırlar. Bu, ilk baxışdan əhəmiyyətsiz görünən, qüsursuz hərəkətlər günbəgün toplanır, yekunda heyranedici karyera və gözəl şəxsi həyatın şahidi oluruq.

İndi isə uğursuz adamın hərəkətlərinə baxaq.

Uğursuz olmaq lider olmaq qədər asandır. İflas adamın az sayda, xırda gündəlik hərəkətlərə etinasızlıq etməsinin qaçılmaz nəticəsidir. Belə davranış tez ya gec elə bir nöqtəyə gətirib çıxarır ki, bundan sonra heç nəyi düzəltmək mümkün deyil.

Təklif edirəm ki, bu birinci qəbirə bir daha baxasan, sonra isə qəlbinin dərinliyinə baxıb, özün üçün necə yaşamağı müəyyən edəsən. Əminəm ki, həyatını birinci qəbirdə başa vurmaq istəmirsən. Bu əsil faciə olardı.

Bəli, mən razıyam ki, qəbiristanlıqda görüş təyin etmək qeyri-adi bir addımdır. Lakin mən hansı yolla isə səni tərpətməliydim. Səsimi sənə çatdırmalı idim. Səni gözünü örtən pərdəni götürməyə, bəhanələrdən əl çəkməyə və diqqətlə özünə baxmağa vadar etməli idim. İnsanı nə vaxtsa öləcəyi faktı ilə üz-üzə qoymaq, onu həyat haqqında fikirləşməyə vadar etməyin və daxili liderini oyatmağın etibarlı üsuludur.

– Nəyə görə?

– Ona görə ki, həyatımızın nə qədər qısa olduğunu düşünəndə bütün ikinci dərəcəli şeylərdən nəzərimizi çəkir və fikrimizi ən vacib şeylər üzərində cəmləyirik. Fani olduğumuz barəsində fikir ömrümüzün aylarının az qaldığını yada salmağa məcbur edir.

– Onlar doqquz yüz altmış dənədir, – əlavə etdim.

– Elədir, Bleyk. Elə isə həyatı xırda şeylərə sərf etməyin nə mənası var? Gələcəkdən qorxmağın nə mənası var? Lider olmaq vəzifəsindən yayınmağın nə mənası var?

– Tommi, sən artıq uğur qazanmısan. Mənə isə vəziyyət fərqli görünür.

– Çünki sabit dəyişikliklər o vaxt baş verir ki, sən təkcə məntiq səviyyəsində deyil, həm də emosiyalar səviyyəsində dəyişəsən. Mən sənin şüuruna müraciət etmək əvəzinə, daxilinə girib ürəyinə toxunmaq istəyirdim. Sən yaxşı fikri yüz dəfə eşidə bilərsən, lakin onu daxilinlə, bütün bədəninlə hiss etməyənə qədər öz varlığının bir hissəsinə çevirə bilməyəcəksən. Məhz bu halda həmin fikir sadəcə ideyadan sənin həqiqətin səviyyəsinə yüksələcək. Məhz bu səbəbdən təlim seminarlarının əksəriyyəti bizi davamlı dəyişdirə bilmir. Onlar bizim daxilimizə nüfuz edə bilmirlər.

– Bu doğrudur, – mən razılaşdım. – İndi mən şeyləri başqa cür görməyə başlayıram. Daha aydın. Mənim problemim öz işimi əhəmiyyətsiz hesab etməyimdə idi, fikirləşirdim ki, məndən heç nə asılı deyil və mağazada işləmək dalana girmək kimi bir şeydir.

– Sənin səmimiliyini qiymətləndirirəm, Bleyk. Başqa cür düşündüyün üçün də təbrik edirəm. İndi sən bilirsən ki, bu nəhəng və öncədən görülə bilməyən dünyada dalan iş yoxdur, dalan təfəkkür var. Sənə qarşı laqeyd olmadığım üçün, hər şeyi edəcəyəm ki, ustalığa aparan yola çıxasan. Sadəcə yadında saxla ki, əla yerinə yetirilmiş hər bir iş təsəvvür edə bilməyəcəyin mükafat gətirir. İndi burada, qəbiristanlıqda uğura aparan yolları görmürsənsə, bu o demək deyil ki, onlar yoxdur.

– Çox maraqlıdır. Fikirləşməli şeylər var.

– Artıq dediyim kimi, ən əsası emosiya düsturuna enerji və ehtirası daxil etməkdir. Əsl keçid məhz belə baş verir. Mən səni buraya gətirdim ki, karyeran və həyat adlı xəzinən ilə fərsiz davrandığına görə qəlbində ağrı, kədər və pərişanlıq oyadım. Mən istəyirdim ki, sən həyatının indiki vəziyyət düşməsinin bütün məsuliyyətini boynuna götürəsən. Çünki özünün seçim etmək gücünü nə qədər çox anlayırsansa, hər bir seçimin də o qədər böyük gücə malik olur.

– Tommi, mən artıq bunu anlayıram, – təzə müəllimimə dedim.

– Nə olar, onda gəl ikinci qəbir haqqında danışaq. Aşağıya xoş gəlmisən, – o, təmtəraqlı restoran sahibinin öz istəkli qonağını dəvət etməyinə bənzər bir hərəkətlə ikinci çalanı göstərdi.

Mən ikinci qəbirdə başqa bir yazılı lövhə və ya üzərində abbreviatura olan hansısa medalyon tapacağım gümanı ilə oraya endim. Lakin qəbrin dibində heç nə tapmadım.

– Al, – Tommi kürəyi mənə uzadaraq dedi. – Bir qədər qazmaq lazım olacaq. Lakin israr və əmək həmişə mükafatlandırılır. Tapacağın şey sənin çox xoşuna gələcək.

Mən qazmağa başladım.

– Cəld ol, Bleyk. Biz hələ çoxlu işlər görməli və bəzi adamlarla görüşməliyik. Bütün günü burada eşələnə bilmərik, – Tommi əllərini sinəsində çarpazlayaraq narazılığını bildirdi. Müəllimin üzündən görünürdü ki, bu vəziyyət onu məzələndirir.

Tezliklə kürək nəyəsə toxundu. Mən dizi üstə çöküb torpağı əlim ilə kənara etməyə başladım. Nəhayət səhər günəşinin şüalarında nəsə parıldamağa başladı. Mən tapdığım əşyanı əlimə götürdüm və şübhə ilə Tommiyə baxdım. İkinci qəbrin dibində daha bir yazılı lövhə var idi. Amma bu, deyəsən, təmiz qızıldan düzəldilmişdi.

– Bu mənim fikirləşdiyimdir, Tommi? – heyrətlə soruşdum.

– Təmiz qızıldır, dostum. İndi isə oxu, zəhmət olmasa. Artıq sən burada yazılanı anlamağa hazırsan.

Qızıl lövhənin üzərində kələkötür çap hərfləri ilə qazılmış daha bir yazı var idi: «İnsanın on qələbəsi»

– Bleyk, sənə yer üzündə cəhənnəmin necə göründüyünü göstərdim, – Tommi dedi. – İndi isə daha nikbin köklənək və indi sənin hərəkət etdiyin istiqaməti müzakirə edək. Bu, hər şeyin mümkün olduğu və sənin potensialının heç bir zəncirlə buxovlanmadığı bir haldır.

– Tommi bu hala necə çatmaq olar?

– Sadəcə səni səslədiyim şeyi et. Titulsuz lider ol. Etdiyin və toxunduğun hər şeydə lider olsan, həqiqətən əla bir həyat yaşaya biləcəksən. Özünün anadangəlmə dühanı tam gerçəkləşdirə biləcəksən. Həyatları əfsanəyə çevrilmiş dahilərdən biri olacaqsan. Mənim təklif etdiyim fəlsəfəni qəbul edəcəyin halda səni gözləyən mükafatlar barəsində oxu. Oxu da.

Mən siyahını oxudum:

1. Son günün çatıb və sən dahi işlər görüb, fövqəladə həyat yaşadığını, ən yaxşı istedadlarını, ən qiymətli resurslarını və ən yüksək potensialını tam şəkildə gerçəkləşdirdiyini anlamaqdan xoşbəxtlik və sevinclə dolusan.

2. Son günün çatıb və sən bilirsən ki, ən yüksək standartlara uyğun oynamısan, etdiyin hər bir işdə özünə ən yüksək tələblər irəli sürmüsən.

3. Son günün çatıb və sən ən pis qorxularınla üz-üzə gəlmək üçün cəsarətinin çatmasını, ən yüksək arzularını həyata keçirməyini səs-küylü bayramla qeyd edirsən.

4. Son günün çatıb və sən hiss edirsən ki, bütün ömrün boyu insanları ucaltmısan, alçaltmamısan.

5. Son günün çatıb, amma o, yolun həmişə hamar olmasa da, hər yıxılmadan sonra cəld ayağa durduğunu və daha yaxşıya olan inamın səni heç vaxt tərk etmədiyini anlamağınla bəzənmişdir.

6. Son günün çatıb, amma heyrətamiz nailiyyətlərinə və xidmət etmək şərəfinə nail olduğun insanların həyatını mənalı etdiyinə görə çoxları sənə minnətdardır.

7. Son günün çatıb və sənin çevrildiyin güclü, namuslu, başqalarını ruhlandırmağı bacaran, dərdini anlayan insan sənin xoşuna gəlir.

8. Son günün çatıb və sən anlayırsan ki, keçilmiş yollarla getməyib, yeni yolları işıqlandıran əsl yenilikçi olmusan.

9. Son günün çatıb və sən bu günü rok ulduzları olduğun iş yoldaşların, qəhrəmanları olduğun müştərilərin və əfsanəyə döndüyün sevimli insanlarla birlikdə keçirirsən.

10. Son günün çatıb və sən özünü əsil titulsuz lider hiss edirsən, çünki gördüyün işlərin sənin ölümündən sonra da uzun müddət yaşayacağını, həyatının isə təqlid nümunəsinə çevrildiyini bilirsən.

Biz qəbirlərin yanındakı otluqda oturmuşduq. Tomminin lövhənin üzərində yazdığı sözlər həm parlaq və gözəl, həm də əhəmiyyətli idi. Son zamanlar mənim həyatım narahatlıqda, mənasız və nizamsız hərəkətlərdə o qədər batıb qalmışdı ki, həqiqətən vacib olan hər şeyi unutmuşdum. Olduğum yerdə nə qədər böyük iş görə biləcəyimi tamamilə yaddan çıxartmışdım. Mən dəyişikliklər etmək qabiliyyətimi unutmuşdum. Dünyaya nümayiş etdirməli olduğum gizli dühamla əlaqəni itirmişdim.

Tommi mənim gələcəyimi tamamilə dəqiq təsvir etmişdi. Mən son illərdə etdiklərimi – gündəlik, dayaz laqeydlikdə yavaş-yavaş bataraq həyatın axarı boyu getməyi davam etdirə bilərdim. Bu halda həyatımı, lövhədə sadalanmış şəraitin gərəksiz qurbanı kimi, birinci qəbirdə qurtaracağam.

Lakin mən daha yüksək yol seçə bilərəm. İşimdə və həyatımda liderlik, kamillik və sevinc nümunəsi ola bilərəm. Titulsuz lider olar və qızıl lövhənin vəd etdiyi hədiyyələri qəbul edə bilərəm. Seçimin birisi məni yer üzündəki cəhənnəmə gətirəcək. İkincisi, ən cürətli xəyallarımın fəzasına. Mən hansı seçimi edəcəyimi bilirdim. Mən onu etdim, elə orada, qəribə geyimli müəllimimlə yenicə qazılmış iki qəbirin yanında oturanda.

Bepul matn qismi tugad.

13 310,16 s`om
26 620,32 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
230 Sahifa 1 tasvir
ISBN:
978-9952-8032-5-9
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar