Kitobni o'qish: «Psixo»
Robert Blox
Psixo
psixoloji roman-triller
1
Norman Beytsin qulağına səs dəydi, qorxu cərəyan kimi bütün bədəninə yayıldı.
Səs boğuq idi, elə bil kimsə pəncərənin şüşəsini döyürdü.
Hövlnak başını qaldırdı, ayağa durdu və kitabı əlindən sürüşüb tosqun buduna toxundu. Sonra başa düşdü ki, bu, sadəcə qonaq otağının pəncərəsində tıqqıldayan axşam yağışının səsidir.
Yağışın başlaması, havanın qaralmasının fərqinə varmamışdı. Lakin artıq otaq nəzərə çarpacaq qədər qaralmışdı və o, mütaliəyə davam etməmişdən əvvəl üzünü lampaya doğru yönəltdi.
Bu, növünə görə şüşə abajurla bəzədilmiş, büllur saçaqlı köhnə dəbli stolüstü lampa idi. Onu uzun müddət idi ki, qonaq otağında görmək olardı və Anası lampanı tullamaqdan qəti şəkildə boyun qaçırmışdı. Əslində, Norman heç özü də bunu istəmirdi; ömrünün qırx ilini burada yaşamışdı və uşaqlıqdan əhatəsində olub alışdığı köhnə əşyalarda nəsə istilik, onu sakitləşdirən arxayınlıq duyurdu. Burada həyat bir vaxtlar qoyulmuş qayda-qanunla, öz axarında davam edirdi. Bütün dəyişikliklər isə orada – pəncərənin arxasında baş verirdi. Bu dəyişilmələrin böyük bir hissəsində onun üçün potensial təhlükə hökm sürürdü. Məsələn, təsəvvür edək ki, birdən vaxtını keçirmək üçün küçəyə çıxmaq istədi? Tutaq ki, indi o, kimsəsiz bir yolun kənarında, ya da lap elə bataqlıqda dayananda yağışa tuş gəldi, bəs onda necə olsun? Bütün üst-başı islanar, gecənin zülmətində evə qayıtmalı olardı. Belə vəziyyətdə rahatca xəstələnmək də, ölmək də mümkündü. Axı hava qaralandan sonra kim evdən bayıra çıxır? Ona görə də burada, qonaq otağında lampa işığı altında oturub əntiqə bir kitabla vaxtını keçirmək daha yaxşıdır.
Oxumağa davam etmək üçün kitaba doğru əyiləndə, işıq şişman sifətinə düşüb, eynəyinin şüşəsində əks olunur və qum rəngli seyrəlmiş saçlarının altında görünən çəhrayı dərisini parıldadırdı.
Kitab o qədər maraqlı idi ki, vaxtın necə keçdiyinə əhəmiyyət verməməsi təəccüb doğurmurdu. Bu, Viktor V. fon Hagenin “İnklərin krallığı” əsəri idi və Norman əvvəllər heç vaxt belə maraqlı məlumatlara rast gəlməmişdi. Məsələn, “kaçna”nın təsviri, yaxud da əsgərlərin iri dairə yaradıb qıvrılaraq ilan kimi hərəkət etdikləri qələbə rəqsi. Onun fikri mətndə idi:
“Bu rəqs üçün təbilin vurulduğu ritm bir zamanlar düşmən əsgərinin bədəni ilə əlaqəli idi. Onun dərisini soyur və qarnına o qədər hava vurulurdu ki, əsl təbilə çevrilirdi. Bütövlükdə bədən isə rezonator rolunu oynayırdı. Həm də nəzərə alınmalıdır ki, səslər açılmış ağızdan eşidilirdi: qeyri-adi, lakin çox təsirli üsuldur”.
Norman gülümsədi, sonra özünü rahatlıqla titrəməyə məcbur etdi. “Qeyri-adi, lakin çox təsirli üsuldur” – əlbəttə, bu elə belə də olmalı idi! Bir təsəvvürünüzə gətirin: yəqin ki, hələ sağ olan insanın dərisini soymaq, sonra da qarnını hava ilə doldurub döyəcləmək… Lap təbil kimi! Maraqlıdır, bunu tam dəqiqliklə necə edirdilər: cəsədin çürüməsinin qarşısını almaq üçün onu necə hazırlayır, necə qoruyub saxlayırdılar? Üstəlik, görəsən, hansı təfəkkürün sahibi olmalısan ki, ümumiyyətlə, belə bir fikrə gəlib çıxasan?
O qədər də ləzzətli mövzu deyildi, lakin Normanın təkcə gözlərini yumması kifayət idi ki, bu səhnə təsəvvüründə açıq-aşkar, sanki nə vaxtsa gördüyü kimi canlansın: boyanmış bədənlərin izdihamı, amansız qızmar günəş altında çılpaq döyüşçülərin eyni ahənglə yırğalanması, onların qarşısında ikiqat olub cəsədin üfürülüb şişirilmiş qarnında dayanmadan ritm tutmaqda olan qoca qarı. Səslər isə cəsədin, böyük ehtimalla, sümükdən olan sıxaclarla əyilib eybəcər hala salınaraq, zorla geniş açılmış ağzından gəlirdi. Şişmiş qarına vurulan zərbələrin müntəzəm uğultusu büzüşmüş bədənin içərisindən özünə yol taparaq, nəfəs borusuna qədər gəlir və tam gücü ilə ölünün boğazından meydana çıxırdı.
Bir anlıq Normana elə gəldi ki, bu səsləri, həqiqətən, eşidir. Sonra yadına düşdü ki, yağışın səsi də ritm təəssüratı yaradır. Bir də addım səsləri…
O, addım səslərini eşitmədən də qadının burada olduğunu sözün əsl mənasında hiss edirdi: çoxdan yaranan bu vərdiş hisslərinə elə şiddətlə hakim kəsilmişdi ki, Anasının otağa nə vaxt daxil olduğundan həmişə xəbər tuturdu. Üzünü görməsə belə, bilirdi ki, yaxındadır.
İndi Norman doğrudan da onu görmürdü; başını qaldırmadan özünü elə göstərirdi ki, guya oxumağa davam edir. Anası bayaqdan öz otağında yatırdı və oğlu çox gözəl bilirdi ki, yuxudan ayılanda o necə tündməcaz olur. Yaxşısı budur, sakitcə oturub əhvalının elə də pis olmadığına ümid edəsən.
– Norman, saatdan xəbərin var?
O, köksünü ötürüb kitabı bağladı. Məlum məsələdir, indi onunla danışmaq çətin məsələdir; sualın bu cür səslənməsi artıq çox şeydən xəbər verirdi. Bir halda ki, salonda babasının saatı qoyulmuşdu, Anası saatın neçə olduğunu asanlıqla öyrənə bilərdi.
Əslində buna görə heç mübahisə etməyə də dəyməzdi. Norman baxışlarını qol saatına dikərək gülümsünüb:
– Altıya işləyir, – dedi. – Düzünü desəm, belə gec olduğunu bilmirdim. Kitab oxuyurdum…
– Məni kor hesab edirsən? Nə ilə məşğul olduğunu yaxşı görürəm. – İndi o, pəncərənin qarşısında dayanaraq, fikrini şüşəni döyəcləyən damcılara yönəltmişdi. –Eləmədiklərini də görürəm. Hava qaralan kimi göstərici lövhənin işığını niyə yandırmamısan? Bir də ki, ofisdə oturmalı olduğun halda burada nə gəzirsən?
– Bilirsən, leysan birdən-birə elə tökdü, fikirləşdim, daha çətin ki, gələn olsun.
– Cəfəngiyyatdır! Əslinə qalsa, biznes qurmaq üçün ən əlverişli vaxtdır. Çoxları yağışlı havada maşın sürməkdən qorxmurlar.
– Amma bu yolla çətin ki, kimsə bura gəlib çıxsın. Hamı təzə salınan şosedən istifadə edir, – Norman hirsli danışdığının fərqinə vardı, ağzında yaranmış acı bir tamın boğazını yandıracağını duydu, ikrah doğuran bu dadı hiss etdikcə özünü saxlamağa çalışdı. Lakin artıq gec idi: o, özünü ürəyində sıxıb saxladığı hər şeydən azad etməli idi. – Şose barədə xəbərdarlıq gələn kimi bizi nə gözlədiyini sənə demişdim. Təzə yolun tikintisi barədə rəsmi elan verilənə qədər moteli rahatca sata bilərdin. Orada istənilən sahəni lap qəpik-quruşa da ala bilərdik – həm Feyrvellə yaxın olardı. İndi təzə motelimiz də, təzə evimiz də, pul qazanmaq üçün imkanımız da olardı. Amma məni eşitmədin. Heç vaxt nə dediyimə qulaq asmırsan, elə deyil? Elə bircə onu bilirsən ki: “Mən bunu istəyirəm”, “Mən belə fikirləşirəm!” Canımı boğazıma yığmısan!
– Belə de, mənim balam? – Ananın səsi aldadıcı dərəcədə mülayim idi, ancaq Norman bunun arxasında nəyin dayandığını yaxşı bilirdi. Çünki qadın “balam” sözünü işlətmişdi. Onun artıq qırx yaşı var, qadınsa hələ də onu “balası” adlandırırdı; ən betəri də bu idi ki, onunla hələ də balaca uşaq kimi rəftar edirdi. Kaş əlində bu sözləri eşitməmək imkanı olaydı! Ancaq eşidirdi, özü də yaxşı bilirdi ki, Anasının nə dediyinə həmişə qulaq asmalıdır. – Belə de, mənim balam? – Anası əvvəlkindən daha yumşaq səslə təkrar etdi. – Canını boğazına yığmışam, düz başa düşdüm? Ancaq mən belə düşünmürəm. Yox, balası, məsələ məndə deyil. Sən özün özünü boğaza yığmısan. Əsl səbəb bax budur, ona görə də bu vaxta qədər burada oturub boş-boş işlərlə məşğul olursan! Məgər düz demirəm, Norman? Məsələ burasındadır ki, fərsizin birisən. Heç vaxt fərasətin olmayıb, düz demirəm, mənim balam? Bu vaxta qədər nə evi tərk etməyə, nə özünə iş axtarıb tapmağa, nə də hərbi xidmətə getməyə hünərin çatmayıb; hətta özünə yaraşan bir qız da tapa bilməmisən…
– Bunu eləməyə imkan verməzdin!
– Haqlısan, Norman. İcazə verməzdim. Amma sənin heç olmasa, azacıq kişiliyin olsaydı, özün qərar verərdin.
O, bunu inkar etmək üçün qadının üstünə qışqırmağa hazır idi. Amma bacarmadı. Çünki Anasının indi ona dediyi sözləri bütün bu illər ərzində dayanmadan öz-özünə təkrar etmişdi. Ona görə ki, bu həqiqət idi. Anası qarşısında həmişə müəyyən tələblər qoysa da, əslində bu qaydalara həmişə riayət etmək məcburiyyətində deyildi. Bəzən analar öz uşaqlarına şəxsi mülkiyyət kimi yanaşırlar, lakin hər uşaq da onunla belə davranmağa imkan vermir. Dünyada nə qədər dul qadın və tək oğul olsa da, onların heç də hamısı bir-birinə bu cür münasibət bəsləmirlər. Əlbəttə, Anası ilə müqayisədə, oğulun da günahı az deyildi. Çünki onun heç vaxt fərasəti olmayıb.
– Bilirsən, axı sən onda öz fikrində qala bilərdin, – Ana dedi. – Deyək ki, evdən çıxıb bizim üçün təzə yer tapardın, sonra da bu mənzili satışa çıxarardın. Amma yox, sən ancaq zarıyırdın. Səbəbini isə özüm də bilirəm. Məsələ burasındadır ki, əslində, heç yerə köçmək istəmirdin. Buradan getmək istəmirdin, indi isə artıq istəsən də, heç yerə tərpənməyəcəksən, elə həmişəlik burada qaxılıb oturacaqsan. Sən evi tərk eləyə bilmirsən, Norman, elədir? Necə ki, heç böyüyə də bilmirsən.
O, Anasına baxa bilmirdi. Qadın belə danışmağa başlayanda Norman sadəcə ona baxa bilmirdi, vəssəlam. Üzünü hansı tərəfə çevirsə də, sakitləşə bilmirdi. Hər şeyi öz kamerasına yaxşı bələd olan məhbus kimi əzbər bilirdi, buna görə də büllur saçaqlı lampaya, otağı darısqal edən ağzına qədər yığılmış qədimi mebelə – bu tanış əşyaların hamısına qəflətən nifrət etməyə başladı. Gözünü pəncərəyə zillədi, amma bu da dadına çatmadı: şüşənin arxasında yağış yağır, külək əsir, qaranlıq hökm sürürdü. Norman yaxşı bilirdi ki, orada – çöldə də onun üçün xilas yeri yoxdur. Heç yerdə xilas olmayacaq, inklər haqqında kitabda cəsəddən gələn ahəngdar təbil səsi kimi başında nəbz kimi döyünən, qulaqlarında cingildəyən bu səsdən gizlənmək üçün heç nə kömək etməyəcək.
O, kitaba dalmağa, fikrini cəmləşdirib oxumağa çalışdı. Bəlkə, əhəmiyyət verməsə, özünü sakit göstərməyə çalışsa…
Amma işə yaramadı.
– Bir özünə bax, – həmin səs dedi. (Təbil vurmağa başladı: bum, bum, bum… və səslər çapılmış ağızdan əks-səda verdi.) – Bilirəm, lövhənin işığını yandırmağa niyə macal tapmamısan. Bu axşam ofisi açmaq üçün niyə əlini ağdan-qaraya vurmamağının da səbəbini bilirəm. Əslində, yadından çıxmayıb. Sadəcə heç kəsin gəlməsini istəmirsən; ümid edirsən ki, gələn olmayacaq.
– Yaxşı, – Norman donquldandı. – Haqlısan. Motelin işlərilə məşğul olmaqdan acığım gəlir, heç vaxt da bu işi sevməmişəm.
– Amma bu hələ hamısı deyil, mənim balam. (Yenə də başladı: “balam-balam-balam!” – təbil vurulur, cansız cəsədin əngindən fəryad qopurdu.) İnsanlara nifrət edirsən. Çünki əslində, onlardan qorxursan, məgər düz demirəm? Uşaqlıqdan bəri həmişə belə olmusan. Səninki odur ki, elə oturacağa qısılıb lampa işığında bütün günü oxuyasan. Otuz il əvvəl nə ilə məşğul olurdunsa, yenə həmin şeydir. Kitabı üzünə tutub sanki özünü hər şeydən gizlədirsən.
– Axı bundan daha pis vərdişlərə qurşana bilərdim. Sən özün də bu barədə mənə az danışmamısan. Ən azı heç vaxt boş-boş veyillənməmişəm, əlimdən də bir xəta çıxmayıb. Yəni bilik artırmaq belə pis şeydir?
– Bilik artırmaq? Hm! – Qadın artıq oğlunun arxasında, başının üstündə dayanıb yuxarıdan aşağı onu süzürdü. – Deməli, buna “biliyi artırmaq” deyirlərmiş? Məni bir anlıq da olsa, axmaq yerinə qoymağa çalışma, balası. Baş tutan məsələ deyil. Yenə “Bibliya”nı oxusaydın, ya da heç olmasa, təhsil almağa cəhd göstərsəydin, bir söz deməzdim. Orada nə oxuduğunu yaxşı bilirəm. Zir-zibildir! Hətta daha betərdir…
– Yeri gəlmişkən, bu – inklərin sivilizasiya tarixi haqqındadır…
– Hə, əlbəttə, bəs necə. Çox güman, Cənub dənizinin adalarından danışan o biri kitabdakı kimi, bunu da ağzınacan həmin murdar vəhşilərin məşğul olduğu iyrənc təfərrüatlarla doldurublar. Ah, elə bilirdin, xəbərim yoxdur, hə? Nalayiq murdarlıqlarla dolu oxuduğun başqa şeylər kimi onu da öz otağında gizlətmişdin.
– Psixologiyada nalayiq nəsə yoxdur, Ana!
– İşə bax, bunun adı “psixologiya” imiş! Psixologiya barədə çox şey bilirsən! Həmin gün mənimlə necə iyrənc danışdığını heç vaxt yaddan çıxarmayacağam, heç vaxt. Ağlıma da gəlməzdi ki, nə vaxtsa doğma oğul gəlib anasına belə bir şey deyə bilər!
– Axı mən ancaq sənə müəyyən şeyləri başa salmaq istəyirdim. Buna “Edip kompleksi” deyirlər. Fikirləşirdim ki, əgər diqqətimizi sakitcə bu problemə yönəltsək, onu dərk etməyə çalışsaq, həyatımızda hər şey yaxşılığa doğru dəyişə bilər.
– Dəyişə bilər, mənim balam? Heç nə dəyişə bilməz. İstəyirsən lap dünyada nə qədər kitab var – hamısını oxu; indi necəsənsə, həmişə də o cür qalacaqsan. Necə insan olduğunu bilmək üçün bu rəzil, iyrənc cəfəngiyyata qulaq asmağa ehtiyacım yoxdur. Aman Allah, bunu hətta səkkiz yaşındakı uşaq da başa düşər. Uşaqlıqda dostlarınla oynayanda, hamısı kim olduğunu o vaxtdan anlamışdılar. Ana uşağı! Səni belə çağırırdılar, doğrudan da belə idi. Belə idi, belədir və həmişə də belə olacaq. Artıq boya-başa çatmış böyük, gombul ana uşağı!
Sözlərin gətirdiyi təbil səsləri qulağını deşirdi, sanki təbili onun sinəsində döyəcləyirdilər. Dodaqları qurumuşdu, nəfəsi çatmırdı. Bir az da belə davam etsəydi, ağlayacaqdı. Norman başını silkələdi. Ağlasığmazdır, qadın hələ də onu bu həddə çatdırmaqdan çəkinmirdi. Buna qadir idi, bunu indi də edirdi, sonra da hər dəfə təkrar-təkrar edəcəkdi… Ta o vaxta qədər ki, oğlu onu…
– O vaxta qədər ki… Nə?
İlahi, yəni doğrudan qadın onun fikirlərini oxuya bilirdi?
– Bilirəm, nə barədə fikirləşirsən, Norman. Haqqında hər şeyi bilirəm, balası. Düşündüyündən də çox bilirəm. İstədiyin, arzu elədiyin yeganə şey məni öldürməkdir, düz demirəm, Norman? Amma bacarmazsan. Çünki səndə o fərasət yoxdur. Səndən daha güclüyəm. Həmişə bu gücə sahib olmuşam. Bu ikimizə də bəs edər. Hətta ürəkdən istəsən belə, məndən heç vaxt canını qurtara bilməməyinin səbəbi bax, budur. Ancaq əlbəttə, ürəyinin dərinliyində bunu heç istəmirsən. Mən sənə lazımam, balası. Bu həqiqətdir, düz demirəm?
Norman asta-asta dikəldi. Hələ də davam gətirməyəcəyindən qorxurdu, başını çevirib ona baxmağa cəsarət etmirdi – “Bircə indi yox, qoy bir az keçsin.” Əvvəlcə öz-özünü sakitləşdirməyə çalışdı. “Tam sakit olmaq lazımdır. Nə dediyinə fikir vermə. Hər şeyə soyuq başla yanaşmaq lazımdır, yadına sal: o, yaşlı qadındır, ağlı da tam olaraq yerində deyil. Əgər beləcə oturub qulaq asmağa davam eləsən, əvvəl-axır öz ağlını da itirəcəksən. Ona otağına qayıtmalı olduğunu söylə, qoy uzanıb yatsın. Onun yeri elə oradır”.
“Bir də ki, qoy tələssin, çünki əgər indi sözünü qulaqardına vursa, bu dəfə onu boğacağı dəqiqdir; boğacaq – həm də onun öz gümüşü kəndiri ilə…”
Ətrafında hərlənməyə başladı, sözləri ağzından çıxarmağa hazır vəziyyətdə dodaqları səssizcə tərpəndi. Elə bu zaman zəng səsi eşidildi.
Bu səs işarə idi; deməli, kimsə yolunu buradan salıb xidmətə ehtiyac duymuşdu.
Norman arxasında nə baş verdiyinə nəzər salmadan salona üz tutdu, asılqandan plaşını götürüb qapını açdı və qaranlıqda görünməz oldu.
2
Meri yağışın fərqinə varıb şüşətəmizləyəni qoşmamışdan əvvəl yağış bir neçə dəqiqə idi ki, ara vermədən yağırdı. Eyni anda faraları da yandırmışdı: qəflətən onu haqlayan qaranlığın əlindən, ətrafda tutqun şəkildə boylanan bir cərgə ağacdan başqa, qarşıda heç nəyi ayırd etmək mümkün deyildi.
Ağaclar? Keçən dəfə bu yoldan keçəndə, deyəsən, ağaclıq yox idi. Doğrudur, bu, çoxdan – aydın, günəşli havada Feyrvellə gümrah və istirahətin dadını çıxararaq yetişdiyi keçən yayda baş vermişdi. İndi isə on səkkiz saat müntəzəm sükan arxasında əyləşmək onu taqətdən salmışdı. Buna baxmayaraq, hələ də yolu yadında saxlayacaq, burada nəyinsə qaydasında getmədiyini anlayacaq qədər sayıqlığını itirməmişdi.
“Yadda saxlamaq” – bu söz beynində ildırım kimi çaxdı. İndi çətinliklə də olsa, xatırlayırdı ki, təxminən yarım saat əvvəl yolayrıcında bir müddət qərar verə bilmədi. Bu da axırı – lazım olan yerə dönməmişdi. Ətrafı zülmət bürümüş yağışlı gecədə indi heç özü də hara getdiyini bilmirdi.
“Yaxşı, özünü ələ al. Təşvişə düşmək lazım deyil. Çətini geridə qaldı…”
“Elədir”, – qız öz-özünə dedi. Dünənki – günün ikinci yarısı pulları oğurlayıb aradan çıxdığı gün arxada qalmışdı.
Tom Kessidi yaşıl rəngli böyük banknot bağlamasını stolun üstünə qoyanda o, cənab Loverinin kabinetində dayanmışdı. Burada üstündə baqqalı xatırladan tosqun kişi şəkli olan otuz altı Federal Ehtiyat banknotu var idi, digər səkkizinin üstündəki sima isə daha çox dəfn bürosu sahibkarına bənzəyirdi. Əslində isə “baqqal” Qrover Klivlend1, dəfn mütəxəssisi isə Uilyam Mak-Kinli2 idi. Otuz altı minlik qiymətli kağızla səkkiz ədəd beş yüz dollarlıq banknot – hamısı bir yerdə düz qırx min eləyirdi.
Tom Kessidi onları sadəcə masanın üstünə qoydu və başdansovdu şəkildə bir yerə yığaraq elan etdi ki, müqavilə imzalayıb qızına toy hədiyyəsi kimi ev almaq qərarına gəlib.
Müqavilə bağlanandan sonra sənədlərə imza atarkən cənab Loveri də laqeydlik göstərməyə çalışırdı. Lakin qoca Tom Kessidi qapıdan çıxan kimi cənab Loveri sanki cana gəldi. Pulları götürüb qəhvəyi rəngli böyük zərfə qoydu və möhürlədi. Bunu edərkən əllərinin əsməyi Merinin nəzərindən qaçmadı.
– Budur, xanım Kreyn, – zərfi ona verəndə dedi. – Bunu banka aparın. Saat, demək olar ki, dörddür, ancaq əminəm ki, Gilbert sizə pulları qoymağa imkan verəcək.
Danışığına ara verib diqqətlə qıza baxdı:
– Sizə nə olub, xanım Kreyn, – özünüzü pis hiss edirsiniz?
Deyəsən, zərfi əlinə alan kimi qızın əllərinin titrəməyə başladığına fikir vermişdi. Ancaq bunun əhəmiyyəti yoxdur. Qız nə deyəcəyini dəqiq bilsə də, sözləri dilinə gətirəndə özü-özünə mat qaldı.
– Deyəsən, məni başağrısı tutub, cənab Loveri. Bu gün tez çıxmaq üçün icazə almağa hazırlaşırdım. Poçt işi xeyli vaxtımızı alıb, onu da deyim ki, qalan sənədləri bazar ertəsinə kimi çatdıra bilməyəcəyik.
Cənab Loveri gülümsədi. Onun əhvalı yaxşı idi. Niyə də olmasın! Qırx minin beş faizi iki min eləyir. Yaxşıca səxavət göstərə bilərdi.
– Əlbəttə, xanım Kreyn. Banka dəyməyiniz kifayətdir, sonra isə evə gedin. Sizi aparmağımı istəyirsiniz?
– Yox, çox sağ olun. Özüm gedərəm. Həm də bir az istirahət…
– Bəli, əsas budur. Yaxşı, bazar ertəsinədək. Həmişə demişəm ki, sağlamlıq və dinclik hər şeydən vacibdir.
Lənət şeytana, Loveri bircə dollar artıq qazanmaq üçün özünü yarımcan etməyə də, əlli sent gəlirə görə hansısa işçisinin həyatını qurban verməyə də hazır idi.
Ancaq Meri Kreyn onun üzünə təntənə ilə gülümsəyib ofisi birdəfəlik tərk etdi. Qırx min dolları da özüylə apardı.
Həyatda belə imkan hər dəqiqə ələ düşməz. Açıq danışsaq, elə adamlar var ki, ümumiyyətlə, tale onların üzünə gülmür.
Meri Kreyn bu günü düz iyirmi yeddi il gözləmişdi.
On yeddi yaşında atasını maşın vuranda kollecə daxil olmaq imkanı əldən çıxdı. Meri bir il biznes məktəbinə getdi, sonra anasına və kiçik bacısı Lilaya baxmaq zərurəti yarandı.
Deyl Belterin hərbi xidmətə yollanması ilə, iyirmi iki yaşında ailə qurmaq arzusu da baş tutmadı. Havayda xidməti zamanı məktublarında tez-tez qızı yada salsa da, bir müddət sonra məktubların ardı-arası kəsildi. Oğlanın toyunu xəbər verən açıqcanı alanda isə o, artıq Meri üçün heç bir əhəmiyyət daşımırdı.
Hər şey bir yana, bu ərəfədə anası da ağır xəstəliyə tutuldu. Üç il beləcə davam etdi. Anaları vəfat edəndə Lila hələ məktəbdə oxuyurdu. Meri bacısının mütləq kollecə daxil olmasını istəyirdi – qoy sonra nə olur olsun; ancaq tezliklə onların hər ikisinin yükü Merinin üstünə düşdü. Bütün gününü Loverinin agentliyində, gecəyarısını isə anasının yatağı başında keçirmək başqa iş görməyə imkan vermirdi.
İllərin haradan gəlib getdiyini bilmək olmurdu. Anası növbəti dəfə xəstəliyə məğlub olanda o, artıq dəfn mərasimi ilə məşğul olmalı idi. Sonra Lila məktəbdən uzaqlaşıb iş tapmaq istədi. Bir dəfə güzgüyə baxanda elə bil yuxudan ayıldı: bir dəri, bir sümük qalmış Meri Kreyn aynadan özünə boylanırdı. Əlinə keçəni şüşəyə çırpdı, güzgü çilik-çilik oldu; ona elə gəldi ki, dağılıb minlərlə qırıntıya çevrilən öz həyatıdır.
Lila ilə hər şey qaydasında idi, hətta cənab Loveri evi dərhal satmaqda onlara kömək də etdi. Alqı-satqı rəsmiləşəndən sonra onların əlində təxminən, iki min dollar nağd pul var idi. Lila şəhərin aşağı hissəsində qrammofon valları satan mağazada özünə iş tapdı və onlar iki nəfərlik balaca otaq tutdular.
– İndi isə sən istirahətə getməlisən, – Lila deyirdi. – Əsl tətilə. Yox, söz güləşdirmə! Düz səkkiz ildir ki, ailəmizə baxırsan, daha qayğılardan yaxa qurtarıb dincəlmək vaxtıdır. Sən səfərə çıxmalısan. Məsələn, dəniz səyahətinə çıxa bilərsən.
Beləcə, Meri “S.S. Kaledoniya”nın göyərtəsinə gəlib çıxdı, bir həftə sonra isə artıq Karib dənizində üzürdü. Daha öz kayutunda güzgü qarşısına keçərkən əvvəlki üzülüb-süzülmüş siması gözünə görünmürdü. Yenidən gəncləşmişdi (“Hər halda, iyirmi iki yaşından artıq görünmürəm”, – öz-özünə deyirdi), ən əsası isə aşiq olmuşdu.
Yox, bu, nə vaxtsa Deyl Belterə qarşı hiss etdiyi şiddətli, qarşısıalınmaz ehtiras duyğusu deyildi. Heç tropik kruizlərinin xatırlatdığı ay işığı altındakı ənənəvi görüşlərlə də əlaqəsi yoxdu.
Deyl Belterə baxanda Sem Lumis ondan on yaş böyük idi, bir qədər sakit təbiətli olsa da, Meri onu sevirdi. Sem düşdüyü vəziyyəti ona izah edənə qədər bu, həyatını qurmaq üçün əsl imkan kimi görünmüşdü.
– Bilirsən, – o deyirdi, – başıma bir iş gəlib. O mağazanı görürsən…
Sonra öz əhvalatını danışmağa başladı.
Şimalda – Feyrvell adlı kiçik şəhərcikdə təsərrüfat mağazası vardı. Sem orada işləyərək, atasına kömək edirdi. Elə düşünürdü ki, hər şey ona miras qalacaq. Lakin bir ildən sonra atası öləndə, Sem pis xəbərlər eşitməyə başladı.
Mağaza onun adına keçən kimi, atasının iyirmi minlik borcu da onun boynuna düşdü. Ev, mallar, hətta sığorta belə, borcun ödənilməsi üçün girov qoyuldu. Atası totalizatorda mütəmadi oynamağı və ora pul yatırmağı barədə Semə heç vaxt bir kəlmə də deməmişdi. Ancaq istənilən halda, Semin indi iki variantı var idi: ya özünü müflis elan etməli, ya da borcları ödəməyə çalışmalı idi.
Sem ikincini seçdi.
– Bu əla biznesdir, – o deyirdi. – Bununla, əlbəttə, varlı olmayacağam, amma mağazanı necə lazımdır işlədə bilsəm, ildə səkkiz-on min gəlirim olar. Əgər kənd təsərrüfatı texnikası ilə bağlı düzgün iş qura bilsəm, bəlkə, daha artıq qazanaram. Borcun dörd minini artıqlaması ilə qaytarmışam, belə getsə, bir neçə ilə bütün borcları bağlaya bilərəm.
– Ancaq başa düşə bilmirəm ki, bu qədər borcun ola-ola necə səyahətə çıxmısan?
Sem dişlərini ağartdı.
– Yarışda qalib gəlmişəm. Deməli, uduş istehsalçı şirkət tərəfindən ayrılır və kənd təsərrüfatı texnikasının satışından hamıdan çox gəlir əldə edən şəxs üçün nəzərdə tutulurdu. Səyahəti udmaq üçün çox da gözüm atmırdı, sadəcə borcları tez ödəmək istəyirdim. Dedilər ki, öz ərazim üzrə birinci yeri tutmuşam. Mükafatı nağd pulla almağa cəhd elədim, ancaq buna getmədilər: ya səyahət, ya da heç nə. Eybi yoxdur, bu ay elə də gərgin keçməz, köməkçimə güvənirəm. Məncə, başqasının hesabına istirahət etmək elə də pis deyil. Beləliklə, gəlib bura çıxdım. Səninlə tanış oldum. – O, gülümsünüb dərindən ah çəkdi. – Əgər bu, bal ayımız olsaydı…
– Sem, axı bizə nə mane olur? Demək istəyirəm ki… Lakin o, yenə ağır-ağır içini çəkib başını yellədi:
– Çox güman, borcları bağlayana qədər bunu iki-üç illik təxirə salmalı olacağıq.
– Mən gözləmək istəmirəm! Pullar məni maraqlandırmır. Agentlikdən çıxıb mağazanda işləyə bilərdim…
– Mənim kimi elə orada da yatıb-durmaq istəyirsən? – O, qımışmağa çalışsa da, üz ifadəsi dəyişmədi. – Zarafat eləmirəm. Arxa otaqda özümə balaca yer düzəltmişəm. Yediyim də lobya konservidir. İş o yerə gəlib çatıb ki, hətta şəhər bankirindən də xəsis olduğumu deyirlər.
– Bunların nə dəxli var? – Meri soruşdu. – Demək istəyirəm ki, özünə bu qədər məhdudiyyət qoymasan, onsuz da uzağı bir-iki ilə borclarını qaytaracaqsan. Bir də ki…
– Bir də ki, mən Feyrvelldə qalmalıyam. Yaxşı şəhərdir. Həm də kiçikdir. Hamı bir-birini tanıyır. İşlədiyim müddətdə hamının hörmətini qazanmışam. Eləcə dəstək olmaq üçün tez-tez məndən alver edirlər – hamı problemlərimin olduğunu bilir və onları həll etmək üçün var gücümü sərf etməyim hər kəsin xoşuna gəlir. Sonradan başımıza gələnlərə baxmayaraq, camaatın atama münasibəti həmişə yaxşı olub. Əsas odur ki, bu ad-sanı qoruya biləsən. Bu həm özümə, həm biznesimə lazımdır. Üstəlik, gələcəyimiz üçün də. Əvvəlkinə baxanda indi bu, daha vacibdir. Məgər elə deyil?
– Gələcəyimiz, – Meri ah çəkdi. – Axı sən iki-üç il deyirdin.
– Bağışla, ancaq ailə quranda gərək normal evimiz, yaxşı şəraitimiz olsun. Bunun üçün pul lazımdır. Heç olmasa, kredit götürmək imkanı olmalıdır. Hər dəfə tədarükçülərin pulunu gecikdirəndə buna qazancımın hamısını borcları ödəməyə sərf etdiyimə əmin olduqları üçün dözürlər. Bu, elə də asan və xoşagələn deyil. Ancaq nəyə nail olmaq istədiyimi yaxşı bilirəm və qarşıma qoyduğum məqsəddən daha azı məni qane eləmir. Azacıq gözləməli olacaqsan, əzizim.
Qız nə şifahi, nə də maddi inandırmanın ona təsir etməyəcəyini başa düşənə qədər səbirlə gözlədi və oğlana bu barədə sual vermədi.
Səyahət başa çatanda vəziyyət belə idi. Üstündən bir ildən çox vaxt keçdi. Bu müddət ərzində heç nə dəyişmədi. Keçən yay Meri onun yanına gedib, şəhəri seyr elədi; mağazada olanda hesab kitabında Semin əlavə beş min dollar da ödədiyini göstərən təzə qeydlərə rast gəldi.
– Cəmi on bir min qalıb, – Sem təkəbbürlə dedi. – İkicə ilə bunun da öhdəsindən gələcəyəm, bəlkə də, daha tez.
“İki il”. İki ildən sonra onun iyirmi doqquz yaşı olacaqdı. Artıq o, iyirmi yaşındakı kimi ərköyünlük eləyə, özündən çıxa və arxasınca qapını çırpıb gedə bilməyəcəkdi. Meri çox gözəl başa düşürdü ki, başqa yolu yoxdur: çətin ki, bundan sonra daha bir Sem Lumisə rast gəlsin. Ona görə də gülümsəyir, anlayışla başını tərpədir, sonra da Loveri Agentliyində kağızlarla əlləşmək üçün geri qayıdırdı.
Gündəlik işə çıxıb hər dəfə qoca Loverinin satışdan öz beş faizini götürməyini müşahidə edir, girov qoyulan etibarsız şeyləri yığıb hər şeydən ümidini üzmüş sahibkarlara hiyləgər qaniçən kimi cüzi pul təklifinə, sonra da tez və asan yolla yaxşı pullar qazanmasına şahid olurdu. İnsanlar hər gün nəsə alıb-satırdılar. Loveri isə özünə ortalıqda münasib mövqe seçərək, təkcə alıcı ilə satıcını bir araya gətirdiyi üçün hər iki tərəfdən öz beş faizini alırdı. Həyatda özünü təsdiqləmək üçün bundan başqa heç bir iş görmürdü. Olduqca varlı idi. Üstəlik, on bir min dollarlıq borcu ödəmək üçün dağa-daşa çıxmağa heç ehtiyacı da yox idi. Bəzən ikicə aya elə böyük gəliri olurdu ki…
Varlı olduğu üçün Meri bir çox alıcı və satıcılar kimi ona nifrət edirdi. Hamısından betər böyük iş adamı Tom Kessidi idi, neft sahələrinin icarəsindən yaxşı gəlir əldə edirdi. Əlini ağdan-qaraya vurmayıb həmişə əmlak müqavilələri imzalayır, azacıq qorxuya düşən bədbəxt adamların qoxusunu tez alır, onlara cüzi məbləğ təklif edir, əvəzində qat-qat baha satırdı. Bir sözlə, əlavə dollar üçün hər şeyə gedirdi.
O, qızına asanlıqla qırx min dollarlıq toy hədiyyəsi edə bilirdi.
Eləcə də Meri Kreynin stolunun üstünə rahatca yüzdollarlıq banknot qoyub – bu, təxminən, yarım il əvvəl olmuşdu – birlikdə Dallasa kiçik səyahətə yollanıb həftəsonunu orada keçirməyi təklif etmişdi.
Hər şey o qədər sürətlə, ehmalca və ötəri təbəssümlə baş verdi ki, heç məyus olmağa da imkan tapmadı. Ardınca cənab Loveri içəri daxil oldu və bununla da məsələ bitdi. Qız heç vaxt – nə camaat arasında, nə də təklikdə, Kessidinin təklifi haqqında nə düşündüyünü ona demişdi, Kessidi də sözlərini təkrarlamamışdı. Ancaq qızın yadından heç nə çıxmamışdı. Meri qocanın kök sifətində, ağzının suyu axan dodaqlarında yaranan təbəssümü unuda bilmirdi.
Bir də ki, dünyanın elə bu Tom Kessidilərə məxsus olduğunu heç vaxt yaddan çıxarmırdı. Onlar hər şeyə hakim idilər, hətta qiymətləri də istədikləri kimi müəyyən edirdilər. Qızına qırx minlik toy hədiyyəsi; üç günlük onun bədəninə sahib olmaq üçün Merinin qarşısına başdansovdu atılmış yüz dollar…
“Mən də qırx min dolları götürdüm…”
Lap köhnə lətifədəki kimi; ancaq bu baş verənlər heç də zarafat deyildi. Həqiqətən pulları götürmüşdü – ürəyində bu fürsəti, çoxdan, lap çoxdan gözləyirdi. Artıq hər şeyi istədiyi kimi yoluna qoyandan sonra qərəzli planın birinci hissəsi həyata keçmiş sayılırdı.
İndi cümə gününün axşamı idi. Banklar sabah bağlı olacaq, deməli, Loveri pulların hara yox olduğunu yalnız bazar ertəsi müəyyən edə biləcək. Həmin vaxt isə ofisdə izi-tozu da olmayacaq.
Daha bir yaxşı xəbər: Lila səhər tezdən Dallasa yola düşüb. Artıq işlədiyi mağaza üçün təzə plastinkalar almaqla məşğul olurdu. Çox güman, o da bazar ertəsinədək şəhərə qayıtmayacaq.
Meri birbaş evə gedib əşyalarını yığdı, əlbəttə, hər şeyi yox, ancaq ən yaxşı paltarlarını götürdü, onları çamadana qoyandan sonra kiçik gecə çantasını da hazırladı. Lila ilə birlikdə yığdıqları üç yüz altmış dolları boş krem şüşəsinin içində gizlətmişdilər, ancaq Meri onlara əl vurmadı. Evdə tək yaşamağa məcbur qalanda bu pullar Lilaya lazım olacaqdı. Meri əvvəlcə bacısına nəsə yazıb qoymaq istəsə də, sonra cürəti çatmadı. Qarşıda Lilanı bir neçə günlük ağır həyat gözləyirdi, lakin Meri artıq onun dadına çata bilməzdi. Bəlkə də, gələcəkdə bu barədə fikirləşməyə dəyər…
Saat yeddi radələrində Meri mənzili tərk etdi; bir saatdan sonra şəhər kənarında maşını saxlayıb şam etdi və “Yaxşı vəziyyətdə olan işlənmiş maşınlar” lövhəsi vurulan yerə sürərək, orada öz sedanını dəyişdi. Mübadilə zamanı xeyli pul itirdi, ancaq növbəti gün səhər dörd yüz mil şimaldakı şəhərcikdə eyni əməliyyatı edəndə ondan daha çox itirdi. Təxminən, günorta saatlarında növbəti mübadiləni edəndən sonra, cibində cəmi otuz dollarla sol qabaq buferi əzilmiş köhnə sınıq-salxağın sükanı arxasında oturmuşdu və bu heç də kefinə soğan doğramırdı. Əsas o idi ki, nə qədər tez-tez maşını dəyişib izləri itirsə də, dəyişdiyi maşın da hər nə zibil olsa da, təki əvvəl-axır onu Feyrvellə çatdıra bilsin. Oradan isə bir qədər də şimala üz tutub – ola bilsin, hətta Sprinqfildə gedəcəkdi – bu dəfə öz adı ilə imza ataraq, sürdüyü sonuncu maşını da sata bilərdi. Hakimiyyət orqanları buradan yüz mil uzaqda bir şəhərcikdə yaşayan hansısa missis Sem Lumisin harada olduğunu necə öyrənə bilərdilər ki?
Elədir, o, tez bir zamanda missis Sem Lumisə çevrilmək istəyirdi. Semin yanına gedib gözlənilməz varislik haqqında bayağı əhvalatı ona danışacaqdı. Qırx min dollar – çox böyük məbləğ olduğundan əlavə şeylər uydurmaq lazım gələcəkdi; ancaq bəlkə də, ona çatan hissənin cəmi on beş min olduğunu söyləyəcək. Bir də deyəcək ki, Lila da onun qədər alıb və dərhal işdən çıxaraq Avropaya gedib. Əgər belə demiş olsa, bacısını toya dəvət etməməyinin səbəbini açıqlamağa ehtiyac qalmayacaq.
Bəlkə də, Sem əvvəl pulları qəbul etmək istəməyəcək və şübhəsiz ki, yöndəmsiz sualların ardı-arası da kəsilməyəcək, lakin Meri hansısa yolla istəyinə nail olacaq. Dərhal ailə quracaqlar – elə ən vacib olan da bu idi. Bundan sonra onu missis Sem Lumis çağıracaqlar və Loveri Agentliyindən səkkiz min mil uzaqda mağaza sahibinin həyat yoldaşı kimi ömür sürəcəkdi.
Loveri Agentliyində Semin mövcudluğundan heç kəsin xəbəri yox idi. Əlbəttə, onlar Lilanın yanına gedəcəklər, o da dərhal bacısının harada olduğunu təxmin edəcək. Buna baxmayaraq, Meri ilə özü əlaqə saxlamamış onlara heç nə deməyəcək.
İş bu yerə gəlib çatanda, Meri bacısına hansı addımı atacağını, Semə və polislərə ağzından bir kəlmə qaçırmamalı olduğunu başa salmalı olacaqdı. Burada çətin bir şey yox idi: Lila məktəbi bitirmək imkanı qazandırdığı üçün bacısına çox borclu idi. Hətta ola bilsin ki, olan-qalan iyirmi beş minin bir hissəsini də bacısına verəcəkdi. Yəqin o, pulları götürməkdən imtina edər. Nəsə bir çıxış yolu tapmaq lazımdır; Meri qarşıda onu nə gözləyəcəyini planlaşdırmamışdı, vaxtı çatanda çıxış yolu tapar.
Hazırda onu düşündürən bircə şey var idi, o da Feyrvellə çatmaq. Xəritə miqyasını nəzərə alsaq, yolun mütləq məsafəsi dörd düym idi. Bir nöqtədən digərinə çəkilmiş dörd düymlük mənasız qırmızı xətt… Düz on səkkiz saat keçmişdi: on səkkiz saat ardı-arası kəsilməyən titrəyişlər, on səkkiz saat gözünü qıyıb maşın faralarına və günəş işığına zillənmək, yöndəmsiz oturuşdan bütün bədəninin sızıldamasına baxmayaraq, on səkkiz saat sükandan aralanmamaq, on səkkiz saat yoldakı tünlüklə, təkərlərlə və amansızcasına üstünə hücum çəkən dəhşətli yorğunluq dalğası ilə mübarizə aparmaq asan məsələ deyildi.
Leysan tökən zülmət gecədə lazımi döngəni buraxdıqdan sonra tanımadığı yolla naməlum istiqamətə gedirdi.
Meri üzü arxaya tuşlanmış güzgüyə nəzər salıb tutqun əksini gördü. Tünd qara saçları, üz cizgiləri – sanki hər şey qaydasında idi, bircə təbəssümü yoxa çıxmışdı, bir-birinə möhkəm sıxılmış iri dodaqları tarım çəkilmiş nazik xətti xatırladırdı. Görəsən bu soyuq, ifadəsiz simanı əvvəllər harada görmüşdü?
“Otağındakı güzgüdə – anasının ölümündən sonra həyatının alt-üst olduğunu hiss edərkən…”
Bütün bu vaxt ərzində o, özünü sakit, soyuqqanlı və hər şeyə hazırlıqlı hesab edirdi. Beynində nə qorxu, nə təəssüf, nə günah hissi var idi. Ancaq güzgülər heç vaxt yalan danışmır. Elə indi də həqiqəti üzünə söyləyirdi.
Dilsiz-ağızsız əksi səssizcə deyirdi: “Ayaq saxla. Semin yanına bu vəziyyətdə – gecənin bir yarısı, yorğun sifətdə, əzik paltarda, tələm-tələsik getmək olmaz. Şübhəsiz, bu xoş, gözlənilməz xəbəri dərhal ona çatdırmaq istədiyini deyə bilərsən, ancaq belə olan halda, ən azı həqiqətən bu xoşbəxtliyi yaşayan, tələsik bölüşməyə çalışan insan kimi görünmək lazımdır.”
İndi onun görəcəyi iş yalnız gecələməyə bir yer tapıb yaxşıca dincəlmək, səhər isə gümrah və hazırlıqlı vəziyyətdə Feyrvellə yetişmək idi.
Əgər elə bu dəqiqə sükanı döndərib yolu səhv saldığı yerə qayıtsa, təzədən şoseyə çıxacaq. Bəlkə, onda qalmağa motel tapa bildi.
Meri yumulmaqda olan gözlərini açmaq üçün başını yellədi. Sonra qəfil yolun kənarında yağış sularının qaranlıqda bir az da bulanıq göstərdiyi tərəfə boylandı.
O, kiçik binaya istiqamətlənmiş maşın yolunun kənarında vurulmuş lövhəni gördü.
“MOTEL – BOŞ YER VAR”. Lövhənin işığı yanmırdı – ola bilsin, birdən-birə hava qaralanda faraları işə salmağı yaddan çıxardığı kimi buranın sahibi də işığı qoşmağı unutmuşdu.
Meri maşını binanın qarşısına sürəndə hər tərəfin qaranlığa qərq olduğuna fikir verdi. Hətta binanın qurtaracağında, çox güman, ofis kimi nəzərdə tutulan kiçik şüşə köşkün də işığı yanmırdı. Yəqin, motel bağlıdır. Sürətini azaldıb içəri boylandı, sonra elektrik naqillərinin üstündən keçən təkərlərin buranın sahibinə işarə verdiyi barədə düşündü. Artıq motelin arxa tərəfində – təpənin yamacında qaralan evi də görə bilirdi; pəncərələrdən işıq düşürdü, yəqin ki, sahib orada idi. İndi aşağı enib onu qarşılayacaq.
Meri mühərriki söndürüb gözləməyə başladı. Dərhal yaranmış sakitlikdə gecə vaxtı onu əhatə edən qəzəbli yağış səsinin, külək vıyıltısının fərqinə vardı. Bu səslər yaddaşını silkələyirdi: anasının dəfn günü – onu həmişəlik düzbucaqlı qaranlığa tapşırdıqları vaxt da beləcə yağış yağırdı. İndi isə qaranlıq sanki hər tərəfdən tək-tənha qalmış Merinin üstünə gəlirdi. Belə yerdə adamın dadına nə pul, nə də ki, Sem çatardı. Hər şey sükanı bircə dəfə yanlış yerə fırlatdığına görə baş vermişdi. Daha buradan çıxış yolu yoxdur – sanki özü-özünə qəbir qazmışdı və təkcə içinə girib uzanmaq qalırdı.
Axı niyə belə şeylər fikirləşir? Əslində, onu soyuq məzar yox, isti yataq gözləyir.
Hələ də ümidsizlik hissinin haradan qaynaqlandığını anlamağa çalışırdı ki, birdən böyük qara kölgə zülmətdən qopub irəli çıxdı və kimsə maşının qapısını açdı.
3
– Sizə otaq lazımdır?
Meri yalnız qarşısında dayanmış bu tosqun, eynəkli adamı görəndə, yumşaq, tərəddüdlü səsini eşidəndə qərara gələ bildi: narahatlığa heç bir əsas yoxdur.
Başı ilə təsdiq edib maşından düşərkən baldırlarında küt ağrı hiss etdi, sahibin ardınca düşüb ofisin qapısınadək onu izlədi. Kişi qapını açıb içəri keçdi və işığı yandırdı.
– Bağışlayın, deyəsən, sizi gözlətdim. Bayaq evdə idim: anam özünü yaxşı hiss etmir.
Məkan adi təsir bağışlayırdı, ancaq ən əsası, bura isti, quru və işıqlı idi. Meri minnətdarlıqla büzüşdü və kök kişiyə baxıb gülümsədi. O, qeydiyyat kitabına doğru əyilmişdi.
– Bizdə təkadamlıq otağın qiyməti yeddi dollardır. Əvvəlcə baxmaq istəyirsiniz?
– Ehtiyac yoxdur. – Cəld pulqabısını açıb bir beşlik və iki birdollaqlıq əsginası qeydiyyat masasına qoydu. Sahibsə kitabı çevirib qələmi qıza uzatdı.
Bir anlıq tərəddüddən sonra adını “Ceyn Vilson” kimi yazdı, ünvan yerini isə “San-Antonio, Texas” sözlərilə doldurdu. Daha neyləmək olar, maşının üstünə Texas nömrəsi vurulmuşdu.
– Yükləri özüm aparacağam, – sahib qeydiyyat masasından aralanaraq dedi. Qız yenə addımbaaddım onun arxasınca düşdü. Pullar maşında, üstü rezinlə sarınmış həmin böyük zərfdə idi. Ən yaxşısı, pulları elə orada saxlamaq idi, bağlı maşında heç kim onlara əl vura bilməz.
Çamadanı ofisin böyründəki otağın qapısına qədər apardı. Əslində, ən yaxın otağı seçmişdi, ancaq bu Merini o qədər də maraqlandırmırdı, əsas odur ki, yağışdan canını qurtarmağa yer olsun.
– Axmaq havadır, – qızı özündən qabağa buraxaraq dedi. – Deyəsən, yolunuz uzun olub?
– Bütün günü.
Əlini düyməyə uzatdı və stolüstü lampa sanki çiçəklədi – onun sarı ləçəkləri bir anda işığa boyandı. Otaq sadə olsa da, mebellə təmin edilmişdi; qız hamam otağında duş kabinəsinin olduğuna diqqət yetirdi. Doğrudur, o, əsl vanna otağı arzu edirdi, ancaq hələlik bununla da keçinmək olardı.
– Qane edir?
Meri tez başını tərpətdi, elə həmin dəqiqə başqa şey də yadına düşdü.
– Burada yemək üçün mənə haranı məsləhət görərdiniz?
– Deməli belə, fikirləşmək lazımdır. Əvvəllər buradan üç mil aralıda yerli pivə ilə hamburger verirdilər, amma yəqin, təzə şose açılandan bəri oranı bağlayıblar. Yox, yaxşısı budur, Feyrvellə gedəsiniz.
– Çox uzaqdır?
– Haradasa on yeddi-on səkkiz mil olar. Magistrala qədər buradan düz gedib sonra sağa dönsəniz şosenin üstünə çıxacaqsınız. Sonra təxminən, on millik yol qalır. Qəribədir, nəyə görə birdəfəlik o yolla getməyib şimala tərəf sürmüsünüz?
– Yolu azmışam.
Tosqun başını yelləyib ah çəkdi.
– Belə də bilirdim. Təzə yol açılandan bəri burada ayaq saxlayan olmur.
Qız dalğın halda gülümsədi. Kişi hələ də dodaqlarını büzüb qapının arasında dayanmışdı. Meri başını qaldıranda baxışları toqquşdu, o, cəld gözlərini aşağı dikdi və qısıla-qısıla boğazını arıtladı.
– Ah, xanım… Bilirsiniz, ağlıma nə gəldi… Yəqin ki, belə havada Feyrvellə gedib-qayıtmaq ürəyinizcə olmaz. Demək istəyirəm ki, şam eləməyə hazırlaşırdım. Mənə qoşulsanız, çox şad olaram.
– Nə danışırsınız, yaxşı deyil.
– Niyə də yox? Heç bir narahatlığı yoxdur. Anam indi öz yatağındadır, həm də yemək-filan tədarükündə olmayacaq. Sadəcə soyuq qəlyanaltı hazırlayıb qəhvə dəmləməyə hazırlaşırdım. Təbii ki, əgər bu, ürəyinizcədirsə…
– Olsun…
– Danışdıq, əlüstü hazırlığımı görüb qayıdıram.
– Təşəkkür edirəm, cənab…
– Beyts. Norman Beyts, – deyə, arxaya çəkiləndə çiyni qapıya toxundu. – Buyurun, yuxarı rahat qalxmağınız üçün fanarı bura qoyuram. Ancaq yəqin, əvvəlcə islanmış pal-paltarı dəyişmək istəyərsiniz.
O geri döndü, lakin Meri tosqunun üzünün qızardığını görə bildi. İşə bir bax, o, həqiqətən, utanıb!
Təxminən iyirmi saatdan sonra ilk dəfə Merinin üzünə təbəssüm qondu. O, qapı örtülənə qədər gözlədi və gödəkcəsini çıxardı. Gecə çantasını çarpayının üstünə qoyub naxışlı paltarını soyundu. Hamam otağında olduğu müddətdə qırışların açılacağına ümid edərək asdı. İndi rahatlanmaq üçün yüngülvari imkan var, yalnız qayıdandan sonra onu əsl isti duş gözlədiyini düşünərək özünə təsəlli verdi. Bu dəqiqə ancaq yorğunluğunu çıxarıb gözünün acısını almağa ehtiyacı vardı. Təbii ki, əvvəlcə şam etmək lazımdır. Deməli belə: kosmetikaya aid nə varsa, çantadadır, geyinəcəyi mavi plaşı isə böyük çamadandadır…
On beş dəqiqədən sonra o, təpənin yamacındakı böyük evin qapısını döydü.
Qonaq otağının pəncərəsindən içəridə yanan yeganə lampa açıq-aydın görünürdü, lakin ikinci mərtəbə daha işıqlı idi. Əgər onun anası xəstə idisə, çox güman ki, həmin otaqda yatırdı.
Meri səbirlə içəridən cavab gözləsə də, qapıya yaxınlaşan olmadı. Bəlkə, sahib özü də yuxarıda idi… Qapını bir də döydü.
Sonra pəncərəyə boylanıb qonaq otağını diqqətlə nəzərdən keçirdi. Gözlərinə inana bilmirdi: ağlına da gəlməzdi ki, indiki zamanda hələ də belə evlər qalır.
Adətən, bina nə qədər köhnə olsa da, içərisini müasir avadanlıqlarla dəyişib təzələməyə çalışırlar. Ancaq bayaqdan gözünü zillədiyi qonaq otağı haqqında yenilənmədən söhbət belə gedə bilməzdi: gül şəkilli köhnə divar kağızları, qırmızı ağac materialından olan tünd rəngli ağır mebel, türk qırmızısı3 rəngli xalça, hündür arxalıqlı divan və kətillər, panellə haşiyələnmiş buxarı – hamısı adamı sanki ötən əsrin doxsanıncı illərinə aparırdı. Mənzərənin bütövlüyünü heç nə pozmurdu – hətta televizor da yox idi, amma arxa masanın üstündə əllə işə salınan qrammofon diqqətini çəkdi. Elə bu zaman Merinin qulağına zəif danışıq səsləri gəlməyə başladı, hətta ona elə gəldi ki, eşitdikləri qrammofonun borusundan çıxır. Sonra səslərin yuxarı mərtəbədəki işıqlı otaqdan gəldiyini anladı.
Meri bu dəfə qapını fanarın dəstəyilə döydü. Deyəsən, bu, işə yaradı, çünki bir anda danışıq kəsildi, yumşaq addım səsləri eşidilməyə başladı. Bir azdan cənab Beytsin pilləkənləri endiyini gördü. O, yaxınlaşıb qapını açdı və Merini içəri dəvət etdi.
– Üzr istəyirəm, – kişi dedi. – Anamı rahlayırdım. Hərdən gecələr onunçün çətin olur.
– Bayaq dediniz ki, xəstədir. Sizi narahat eləmək istəməzdim…
– Ah, yox, heç kəsin rahatlığını pozmursunuz. O, körpə uşaq kimi sakitcə yatacaq. – Cənab Beyts çiyni üstündən pilləkən tərəfə baxıb səsini alçaltdı. – Əslində, fiziki olaraq, tam sağlamdır. Amma hərdən olur da… – O, qəfil başını tərpədib gülümsədi. – Gəlin, plaşınızı götürüm, onu buradan asaq. Bax belə. İndi isə, buyurun bura, zəhmət olmasa…
Qız pilləkənin altından uzanan dəhliz boyunca onun ardınca getdi.
– Ümidvaram, mətbəxdə şam eləməyə etiraz etməzsiniz, – o pıçıldadı. – Artıq orada bizimçün hər şey hazırdır. Buyurun, əyləşin, indi sizə qəhvə süzərəm.
Mətbəx qonaq otağını tamamlayırdı – tavana qədər uzanan şüşəli şkaf da əl dəstəyi olan köhnə əlüzyuyanla ahəng təşkil edirdi. Küncdə böyük ağac soba qoyulmuşdu. Onun hərarəti otağı isitməyə bəs edirdi, uzun taxta masada qoyulan kolbasa, pendir, şüşə qabda evdə duza qoyulmuş xiyar ağ-qırmızı damalı süfrənin üstündən qonağı salamlayırdı. Merinin düşdüyü vəziyyət özünə gülməli gəlmirdi və hətta əl işi kimi divardan asılmış diqqət çəkən dua da onu qıcıqlandırmırdı.
“İlahi, bu evə xeyir-dua ver”.
Qoy olsun. Bu, hansısa kiçik, alaqaranlıq şəhər kafeterisində tək-tənha oturmaqdan daha yaxşıdır.
Cənab Beyts boşqabı doldurmaqda qonağa kömək etdi.
– Buyurun, başlayın, utanmayın! Yəqin, möhkəm acmısınız.
Əlbəttə, qız ac idi, ona görə də yeməyə elə girişdi ki, əvvəlcə sahibin çox az yediyinin fərqinə varmadı. Xəbər tutanda isə azacıq pərt oldu.
– Siz ki bayaqdan heç nəyə əl vurmamısınız! Yəqin, axşam yeməyini bir az əvvəl yemisiniz.
– Xeyr. O qədər də ac deyiləm. – Qızın stəkanını təzədən qəhvə ilə doldurdu. – Bilirsiniz, anam hərdən kefimə soğan doğrayır. – O, bu dəfə də səsini qısdı və yenə danışığında bəraət notları eşidilməyə başladı. – Fikrimcə, bu mənim günahımdır. Onun qayğısını lazımınca çəkə bilmirəm.
– Burada tək qalırsınız? Yalnız siz və ananız?
– Bəli. Burada başqa heç kim olmayıb. Heç vaxt.
– Yəqin, sizinçün çox ağırdır.
– Şikayət eləmirəm. Məni düz başa düşün. – Eynəyini düzəldərək dedi. – Mən balaca olanda atam bizi atıb gedib. Anam məni təkbaşına boya-başa çatdırıb. Yəqin ki, o vaxt mən böyüyənəcən bizi təmin eləmək üçün əlində yaxşı pul var imiş. Sonra evi girov qoyub, sahəmizi satdı və bu moteli tikdirdi. Burada bir yerdə işlədik, təzə şose bizi hər şeydən təcrid edənə qədər işlərimiz pis getmədi. Düzdür, belə baxanda, anam işdən xeyli əvvəl uzaqlaşmışdı. Sonra onun qayğısına qalmağa başladım. Amma bu sizə elə də asan gəlməsin.
– Bəs başqa qohumlarınız yoxdur?
– Xeyr, heç kim.
– Heç ailə qurmamısınız?
Onun sifəti dərhal qızardı və gözlərini dama-dama süfrəyə dikdi.
Meri dodağını dişlədi.
– Məni bağışlayın. Şəxsi həyatınıza aid sual vermək fikrim yox idi.
– Hər şey qaydasındadır. – Onun səsi güclə eşidildi. – Heç evli olmamışam. Anamın… Bu barədə gülünc təsəvvürü var idi. Mən… mən hətta indiki kimi heç vaxt bir qızla eyni masa arxasında oturmamışam.
– Amma…
– İndiki vaxtda bu çox qəribə səslənir, elə deyil? Əlbəttə, başa düşürəm. Hər dəfə öz-özümə təkrar edirəm ki, mən olmasam, əl-ayağı hər şeydən üzülər. Əslində, bəlkə də, özümü köməksiz hiss edərdim.
Meri qəhvəni axıra kimi içib çantasından siqaret çıxardı və birinci Beytsə təklif etdi.
– Yox, çox sağ olun. Çəkmirəm.
– Mən çəksəm, etiraz eləməzsiniz ki?
– Əlbəttə, yox, buyurun. – Qəfil o, duruxdu. – Sizə içməyə bir şey təklif edərdim, ancaq, bilirsiniz, anamın evdə alkoqol iyindən acığı gəlir.
Meri arxaya söykənib dərindən nəfəs aldı. Sanki birdən-birə gözünə işıq gəldi. Gör bir isti otaq, dincəlmək, azacıq yemək – nələrə qadirmiş! Bir saat əvvəl tənha, bədbəxt və qərarsız idi. İndisə hər şey başqa cürdür. Bəlkə də, əhvalını dəyişən cənab Beytsin söhbətləri idi. Çünki o, həqiqətən tənha, miskin və xoflu idi. Ancaq nə qədər təzadlı olsa da, özünü ondan üstün sayırdı. Qızı danışdıran məhz bu hisslər idi.
– Siqaret çəkmirsiniz. İçki içmək qadağandır. Qızlarla görüşmək olmaz. Bəs motel işlətməkdən və ananıza baxmaqdan savayı bir iş görmürsünüz?
Deyəsən, o, qızın səsindəki eyhamı başa düşmədi.
– O-o, əslində, xeyli məşğuliyyətim var. Həddindən artıq kitab oxuyuram. Başqa hobbilərim də var. – Baxışlarını yuxarı rəfə yönəltdi və bu, Merinin nəzərindən qaçmadı. Müqəvva dələlər gözlərini oradan aşağı zilləmişdilər.
– Ov?
– Heç də yox. Mən ancaq onların içini doldururam. Bu dələni mənə Corc Blaunt verib. Özü ovlayıb. Anam silah gəzdirməyimi istəmir.
– Cənab Beyts, belə açıq danışdığım üçün üzr istəyirəm, ancaq bu cür yaşamağa hələ nə qədər davam etmək fikriniz var? Az yaşınız yoxdur. Yəqin başa düşürsünüz ki, ömrünün axırına kimi özünü balaca uşaq kimi aparmaq olmaz. Kobudluğuma görə bağışlayın, amma…
– Sizi gözəl başa düşürəm. Yaranmış vəziyyətin kənardan necə göründüyünü anlayıram. Məncə, artıq sizə çox oxuduğumu demişəm. Ona görə də belə şeylər haqqında psixoloqların nə dediyini də bilirəm. Ancaq anama qarşı münasibətdə öz borcumu yerinə yetirməliyəm.
– Ancaq, cənab Beyts, həm ananız, həm də öz vicdanınız qarşısında borcunuzu yerinə yetirmək üçün onu… müalicə müəssisəsinə yerləşdirmək daha yaxşı olmazdımı?
– O, dəli deyil!
Bu artıq bayaqkı zəif, yumşaq səs deyildi; o, bu sözləri olduqca sərt və ucadan dedi. Qarşısında dayanmış tosqun kişinin əlləri masanın üstündəki stəkanı qeyri-ixtiyari süpürüb yerə atdı. Meri başını qətiyyən döşəməyə çırpılıb çilik-çilik olan səsə tərəf çevirmədi; o, gözünü tanınmaz hala düşən sifətə dikmişdi.
– O, dəli deyil, – kişi təkrar etdi. – Məni nə sizin, nə də başqasının fikri maraqlandırır. Kitabda yazılanların da, həkimlərin sığınacaq barədə çərənlədiklərinin də, zərrə qədər əhəmiyyəti yoxdur. Bunun necə baş verdiyini yaxşı bilirəm. Gözün üstündə olmasa, onu tələm-tələsik dəlixanaya yazıb otaqda dustaq edərlər. Bircə dəfə zəng eləsən, bəsdir. Ancaq bunu eləmirəm, çünki onu yaxşı tanıyıram. Yəni başa düşmək belə çətindir? Mən onu tanıyıram, onlarsa yox. Anamın uzun illər necə qayğıma qaldığından xəbərsizdirlər: o zaman özünü necə oda-közə vurub işləməsi, hansı qurbanlar verməsi ətrafımızda olan heç kəsin vecinə deyildi. Əgər indi xasiyyətində qəribəlik varsa, bu yalnız mənim günahımdır. Keçən dəfə yanıma gəlib təzədən ərə getmək istədiyini deyəndə, onu fikrindən daşındırdım. Bəli, boynuma alıram, bu mənim günahımdır! Özü də buna görə mənə qısqanclıq, ya da tərslik haqqında moizə oxumaq lazım deyil – o vaxt özümü onun indiki davranışından daha betər aparırdım. Əgər bu sözü işlətmək istəyirdinsə, ondan on dəfə daha çox “dəli” idim. Həkimlər nə iş görüb, nədən danışdığımı, özümü necə apardığımı bilsəydilər, bir dəqiqənin içində məni otaqda kilidləyərdilər. Görürsünüz, əvvəl-axır bunu dəf edə bildim. O isə öhdəsindən gələ bilmir. Axı siz kimsiniz, başqasının harada olmasına qərar verirsiniz? Mənə elə gəlir, hərdən az da olsa, hamımızın dəliliyi tutan vaxt olur.
Danışığına ara verdi, ancaq ona görə yox ki, daha söz tapa bilmirdi, sadəcə nəfəsini dərirdi. Üzü tamamilə qıpqırmızı olmuş, qalın dodaqları əsməyə başlamışdı.
Meri ayağa qalxdı.
– Məni… Məni bağışlayın, – qız sakitcə dedi. – Doğru sözümdür, belə demək istəmirdim. Bir daha üzr istəyirəm. Belə şeylər danışmağa haqqım yox idi.
– Bəli, başa düşürəm. Eybi yoxdur. Sadəcə bu mövzuda kənar şəxslərlə danışmağa alışmamışam. Məsələ belədir, tək-tənha yaşayanda sanki bütün demək istədiklərin içində yığılır-yığılır və birdən içki şüşəsinin tıxacı kimi partlayır. Adam özünü lap həmin şüşə kimi, ya da yuxarıdakı müqəvva dələ kimi hiss eləyir.
Onun rəngi açıldı, üzündə təbəssüm yaratmağa çalışdı.
– Suyuşirin balacadır, elə deyil? Tez-tez ürəyimdən yanımda canlı heyvan saxlayıb onları əhliləşdirmək keçir.
Meri çantasını götürdü.
– Yaxşı, daha gedim. Artıq gecdir.
– Xahiş edirəm, getməyin. Bayaqkı axmaqlığa görə məni bağışlayın.
– Sizlik bir şey yoxdur. Həqiqətən, çox yorulmuşam.
– Mənə elə gəldi ki, bir az da söhbət edə bilərik. Sizə öz hobbilərim haqqında danışmaq istərdim. Zirzəmidə özümçün emalatxana kimi bir şey düzəltmişəm…
– Xeyr, sizə məmnuniyyətlə qulaq asardım, ancaq mütləq dincəlməliyəm.
– Daha neyləmək olar. Sizi ötürərəm. Hələ ofisi də bağlamalıyam. Çox güman, bu gün daha heç kim gəlməyəcək.
Onlar salondan keçib getdilər, sahib plaşını geyinməkdə qıza kömək etdi. Bu, Beytsin əlindən gəlmirdi, Meri onun artmaqda olan gərginliyini duydu, ancaq sonra işin nə yerdə olduğunu dərk elədi. O, qıza toxunmaqdan qorxurdu. Bəli, məsələ bunda idi. Yazıq Beyts, deməli, doğrudan da qadınlara yaxın dura bilmirdi!
Beyts əlində fanar evdən çıxdı, Meri də moteli dövrələyən çınqıllı yolla onu izləyirdi. Yağış kəsmiş, zülmət ətrafı bürümüşdü, səmada ulduzlar görünmürdü. Qız binanın kənarından dönən kimi çiyni üstündən geri qanrılıb evə nəzər saldı. İkinci mərtəbədə hələ də işıq yanırdı, “Görəsən, qarı oyanmayıb ki?”, – Merinin ağlından keçdi. “Bəlkə də, bayaqdan heç gözünü yummayıb – onların söhbətini və oğlunun axırda özündən çıxmasını eşidib…”
Cənab Beyts otağın kandarında ayaq saxladı, qız açarı yarığa salıb qapını açanadək gözlədi.
– Gecəniz xeyrə qalsın, şirin yuxular.
– Sağ olun. Qonaqpərvərliyiniz üçün minnətdaram.
O, ağzını açıb üzünü yana tutdu. Qız bu axşam ərzində artıq üçüncü dəfə idi ki, onun qızardığını görürdü.
Meri qapını örtüb içəridən kilidlədi. Dəhlizdən uzaqlaşan addım səsləri gəldi, sonra qonşuluqdakı ofis qapısının açıldığı eşidildi.
Daha oradan nə vaxt çıxdığını eşitmədi; çünki vaxt itirmədən əşyalarını yerbəyer etməyə girişdi. Pijamasını, başmaqlarını, gecə kremini, diş fırçası və məcununu çıxardı. Sonra çamadanda qurdalanıb sabah geyinəcəyi paltarı axtardı – Semlə görüşəndə o, məhz bu geyimdə olacaqdı. Gərək onu indidən asılqandan assın ki, gecə qırışları açılsın. Sabah hər şey yerli-yerində olmalı idi.
“Sabah hər şey yerli-yerində olmalı idi…”
Tosqunla söhbəti zamanı əmələ gəlmiş özünəinamı birdən-birə yoxa çıxdı. Doğrudanmı bu dəyişiklik gözlənilməz idi? Məgər bu hiss bayaq evdə – cənab Beyts özündən çıxanda başlamamışdımı? Görəsən onu bu qədər narahat edən sahibin hansı sözü idi?
“Mənə elə gəlir ki, hərdən az da olsa, hamımızın dəliliyi tutan vaxt olur”.
Meri Kreyn çarpayının üstünə tökdüklərini yığışdırıb yatağın üstündə əyləşdi.
Bəli. Bu həqiqətdir. Hərdən az da olsa, hamımızın dəliliyi tutan vaxt olur. Məsələn, elə onun özü, dünən axşam masanın üstündə pulları görəndə bu hissi yaşamışdı.
O vaxtdan bəri dəli kimi hərəkət edirdi, dəliliyi tamamilə labüd idi, çünki yalnız belə bir adam düşünə bilərdi ki, hər şeyi planlaşdırdığı kimi həyata keçirəcək. Baş verənlərin hamısı gerçəkliyə çevrilmiş yuxu idi. Bəli, bu yuxu idi. “Dəli” bir yuxu. Artıq o, hər şeyi başa düşürdü.
Bəlkə də, polisi izindən azdıra bilərdi. Ancaq Semin suallarından qaçmaq qeyri-mümkündür. “Miras vəsiyyət eləyən qohumun adı nədir? O harada yaşayırdı? Bəs əvvəllər niyə onu yada salmayıb? Pulları nağd almağa necə müvəffəq olub? Necə oldu ki, cənab Loveri onun birdən-birə işdən çıxmasını belə sakit qarşıladı?”
Hələ Lilanı demirəm. Tutaq ki, o özünü Meri istədiyi kimi apardı – polisə heç nə demədən ona baş çəkməyə gəldi, hətta bacısının xətrinə ağzından heç vaxt bir kəlmə qaçırmayacağına and içdi. Ancaq hər şeydən xəbərdar olması artıq bir fakt olacaqdı və bu, məsələni mürəkkəbləşdirirdi.
Tez, ya gec – əvvəl-axır Sem onsuz da Lilanı yoluxmaq istəyəcək, yaxud da onu qonaq çağıracaqdı. Buna görə də, heç nə alınan deyil. O, heç vaxt bacısı ilə əlaqə saxlaya bilməyəcək, Texasa qayıtmamağının səbəbini isə Semə başa salmaq mümkünsüz olacaq.
Yox, bütün bunlar dəlilikdən başqa bir şey deyildi.
Həm də artıq çox gecdir, heç nəyi dəyişmək olmaz.
Bəlkə də, olar?
Tutaq ki, indi yerinə girib yaxşıca dincəlib on saat yata bildi. Sabah – bazar günüdür; əgər moteldən səhər doqquz radələrində çıxıb birbaşa evə sürsə, bazar ertəsi səhər tezdən şəhərə çata bilərdi. Lila Dallasdan qayıtmamışdan və bank hələ qapılarını açmamışdan əvvəl yetişə bilsəydi, pulları hesaba köçürüb dərhal da işə yollanardı.
Əlbəttə, yorulub əldən düşəcəkdi. Ancaq canı çıxmazdı, əvəzində – heç kimin heç nədən xəbəri olmaz.
Hə, bir də maşın məsələsini yoluna qoymaq lazımdır. Gərək elə bir şey fikirləşsin ki, Lila ona inansın. Məsələn, Semə sürpriz hazırlayıb həftəsonunu onunla keçirməyə qərar verdiyi üçün Feyrvellə yola düşdüyünü deyə bilərdi. Yolda maşın xarab olur və onu yedəyə qoşmağa məcbur qalır. Sonra təzə mühərrik almaq lazım olduğunu deyirlər. Meri də maşını bu köhnə sınıq-salxağa dəyişib evə qayıtmağa qərar verir.
Hə, deyəsən, ağlabatandır.
Düzdür, əslində, bu səyahəti götür-qoy edəndə, fikrində tutmuşdu ki, səfər, haradasa, yeddi yüz dollara başa gələcək. Ancaq təkcə elə maşının qiyməti bu qədər elədi.
Həmin məbləği mütləq ödəmək lazımdır. Yeddi yüz dollar – başının salamat olması üçün o qədər də böyük məsrəf deyil. Alınsa, həm bu həngamədən canı qurtarar, həm də gələcək təhlükələrdən sovuşardı.
Meri ayağa durdu.
Elə belə də eləyəcək.
O, yenə özünü güclü hiss etdi, özünə inamı qayıtdı. Hər şey çox sadə imiş.
Əgər Meri dindar olsaydı, Allaha dua edərdi. Ancaq onu qəribə hiss bürümüşdü, sanki bu, – ona nə deyirlər? – hə… alın yazısı idi. Elə bil bütün gün ərzində baş verənlər – yolu azması, gəlib bura çıxması, bədbəxt tosqunla görüşü, onu özündən çıxarması və fikirlərinə hakim kəsilən sonuncu cümləsi – hamısı qismətinə yazılmışdı.
Hətta bir anlıq ürəyindən yaxınlaşıb onu öpmək keçmişdi, lakin sonra qımışıb görəsən, buna hansı cavabı alacağını fikrindən keçirmişdi. Yazıq kişi, yəqin, o dəqiqə özünü itirərdi!
O, yenə dişlərini ağartdı. Özünü yenidən güclü, inamlı hiss etmək çox xoşdur; yaxşı, görəsən, artıq duş kabinəsinə keçmək olar? Yaxşıca isti duş qəbul eləməyin əsl vaxtıdır. Daxilindəki çirkabı təmizləmək arzusu ilə su şırnağı bütün bədənindəki çirki yuyub aparana qədər onun altında dayanacaq. Meri tərtəmiz olacaq. Bəyaz qar kimi tərtəmiz…
O, vanna otağına keçdi, əyilib ayaqqabılarını və corablarını soyundu, sonra əllərini qaldırıb paltarını başından çıxardı və otağa tolazladı. Paltarı döşəməyə sərildi – cəhənnəmə ki! Əllərinin hərəkətilə sanki havada qövs cızıb lifçiyini açdı və barmaqlarını boşaltdı. Sonra da alt paltarını çıxardı…
Bir qədər qapının ağzında güzgüyə baxaraq, özünü gözdən keçirdi. Bəlkə də, üzdən ona iyirmi yeddi yaş vermək olardı, ancaq bədəni lap iyirmi bir yaşındakı gənci xatırladırdı. Qaməti göz oxşayırdı. Çox cazibədar görünürdü. Semin xoşuna gələcək. Kaş ki, o, elə indi yanında olub qızın bədənindən zövq alaydı. Əlavə iki il gözləmək cəhənnəm əzabı olacaq. Ancaq sonra hədər gedən bu vaxtın əvəzini çıxacaq. Deyirlər ki, qadın əslində otuz yaşına qədər tamamilə cinsi yetişkənliyinə qovuşmur. Bunu yoxlamaq lazımdır.
Bu fikirdə ikən Meri yenə qımışdı, xəyalında qarşı tərəfə zərbə endirib onu ram etdi, güzgüdəki əksinə hava öpüşü göndərib, eynilə həmin cavabı aldı. Sonra duş kabinəsinə keçdi. Su çox qaynar idi, kranın dəstəyini azacıq SOYUQ su tərəfə çevirəsi oldu. Nəhayət, hər iki kranı axıracan açmağa qərar verəndən sonra ətrafdan onu istilik dalğası bürüdü.
Suyun gurultusu qulaq batırır, hər tərəfdən buxar qalxırdı.
Buna görə də o, nə qapının açılmağını, nə də yaxınlaşan addım səslərini eşitmirdi. Kabinəni bağlayan pərdə aralananda buxar hələ onun üzünə kölgə salırdı.
Sonra qız asta-asta onun üzünü ayırd etməyə başladı – pərdənin arasından ancaq maska kimi havadan asılmış sifəti görünürdü. Başındakı şərf saçlarını örtmüş və şüşəyə oxşayan gözləri vəhşicəsinə ona zillənmişdi. Yox, bu maska deyildi. Kirşanla örtülmüş dərisi ölü sifəti kimi ağarmış, almacıqlarında təşviş doğuran iki tünd ənlik ləkəsi diqqət çəkirdi. Bu maska deyildi. Qoca və dəli bir qarının siması idi.
Meri çığırmağa başladı, elə bu vaxt pərdə daha geniş açıldı, buxar kölgələri içindən qəssab bıçağından möhkəm yapışmış bir əl irəli çıxdı. Bıçaq ani hərəkətlə onun çığırtısını kəsdi.
Elə başını da…
4
Norman ofisə daxil olan kimi titrəməyə başladı. Bu, əlbəttə, onun reaksiyası idi. Həddindən artıq çox şey baş vermişdi, özü də qısa müddət ərzində. O, sanki içki şüşəsinin içindəki məhbus kimi artıq özünü saxlaya bilmirdi.
“İçki şüşəsi”. Ona içmək lazım idi. Əlbəttə, qıza yalan demişdi. Əslində, anası evdə spirtli içki saxlamağa icazə vermirdi, amma bu vecinə deyildi. Şüşəni burada – ofisdə gizlətmişdi. Bəzən mədəsinin likörə qarşı dözümsüzlüyünə, başının hərlənməyi üçün hətta cəmi bir neçə unsiyanın da bəs etməsinə və hər şeydən təcrid olmasına baxmayaraq, içməmək mümkün deyildi. Bəzən, həqiqətən, insanın tamamilə təcrid olmaq istədiyi vaxtlar olur.
Jalüzləri aşağı salıb göstərici lövhənin işığını söndürmək vaxtında Normanın yadına düşdü. Vəssalam. Motel bir gecəlik bağlıdır. Jalüzlər salınandan sonra daha heç kim otağa zəif işıq verən stolüstü lampanı çöldən ayırd edə bilməzdi. Heç kim onun stolun çəkməcəsini balaca uşaq kimi əlləri əsə-əsə açıb, içki şüşəsi çıxarmağını görmək iqtidarında deyildi. Balaca uşaq öz butulkasını istəyirdi.
O, stəkanını qaldırdı və gözlərini yumub içkidən bir qurtum aldı. Viski onun içini yandırdı – bu əla idi. Qoy içindəki ağrı-acı yanıb kül olsun. Odlu maye boğazından keçib mədəsini alışdırdı. Bir qurtum da alsa, bəlkə, qorxu hissini tamamilə unutdu.
Qızı evə dəvət etməklə, böyük səhvə yol vermişdi. Norman bunu hələ kəlmə kəsməmişdən hiss etmişdi, ancaq qız elə gözəl, yorğun, bədbəxt görünürdü ki… O ki yorğun və bədbəxtliyin, dərdini heç kimə deyə bilməməyin, kimsənin səni başa düşməməyinin nə demək olduğunu çox gözəl bilirdi. Qızla yalnız bir qədər söhbət etmək niyyətində idi. Bir də ki, axı bu onun şəxsi evi idi, elə deyil? Anası kimi o da bu evin sahibi hesab olunurdu. Qarının hökmlə öz qaydalarını yeritməyə ixtiyarı yoxdur.
Ancaq istənilən halda, səhvə yol vermişdi. Əslinə qalsa, heç vaxt artıq hərəkətə cürət etməzdi, sadəcə bu gün anasına xeyli acığı tutmuşdu. Ona görə də əleyhinə getdi. Bu, yaxşı hal deyildi.
Lakin qızı dəvət edəndən sonra daha bir ağılsızlığa yol verdi. Evə gəlib anasına dedi ki, qonağı olacaq. Yataq otağına qalxıb xəbəri təntənə ilə elan elədi; bu, təxminən anasına: “Hünərin var, qarşısını al!” demək kimi bir şey idi.
Çox axmaq hərəkət eləmişdi. Onsuz da qarının vəziyyəti yaxşı deyildi, üstəlik, bura hansısa qızın təşrif buyuracağını deyəndə, qarı əməlli-başlı isterikaya düşdü. Əsəb pozğunluğu altında elə hey hədələməyə davam edirdi: “Əgər onu bura gətirsən, onu öldürəcəm! O qancığı öldürəcəm!”
“Qancıq”. Anası heç vaxt belə sözlər işlətməzdi. Amma həmin vaxt məhz belə dedi. O, xəstə idi, ağır xəstə idi. Bəlkə də, qız haqlı idi. Bəlkə, doğrudan da, anasını harasa yerləşdirmək lazımdır? Deyəsən, artıq təkbaşına öhdəsindən gələ bilmir. Heç özü ilə də bacara bilmirdi. Özünə nəsə edənlər haqqında anası nə demişdi? Bu günahdır. Onlar buna görə cəhənnəmdə yanacaqlar.
Viski hələ də onu yandırırdı. Artıq üçüncünü içirdi, lakin hələ də davam etmək istəyirdi. Bundan başqa da çox şeyə ehtiyacı var idi. Qız, həmçinin, bu mövzuda da haqlı idi. Belə yaşamaq olmaz. Daha belə yaşaya bilmirdi.
Nahar mərasimi özü də böyük sınaq idi. Hər dəqiqə anasının həngamə qoparacağından qorxurdu. Qarını qapalı otaqda saxlayıb, qapını qıfıllayandan bəri həmişə anasının divarları yumruqlayıb qışqırmağa başlayacağından ehtiyat etmişdi. Lakin hər şey çox sakit, hətta həddindən artıq sakit keçdi, sanki qarı yuxarıdan diqqətlə onlara qulaq asırdı. Yəqin ki, elə belə də olmuşdu. Ananı otaqda kilidləyə bilərsən, ancaq qulaqlarını qapamaq mümkün deyil.
Norman artıq onun yuxuya getdiyinə ümid edirdi. Yəqin ki, sabah qarı hər şeyi yaddan çıxaracaq. Hərdən belə şeylər olur. Ancaq başqa cür də olur: bir də görürsən, Norman Anasının hansısa hadisəni unutduğuna əmin olduğu bir vaxtda, üstündən neçə ay keçəndən sonra, qəflətən sanki aydın səmada ildırım çaxır – qarı hər şeyi xatırlamağa başlayır.
“Aydın səmada”… Altdan-altdan bu sözə güldü. Bu havada aydın səma nə gəzirdi. Hər tərəfi qara bulud almış, göylər sifətini bozartmışdı.
Birdən qulağına səs dəydi və tez stula dirsəklənib arxaya döndü. Yoxsa Anasıdır? Yox, ola bilməz, axı sən qapını kilidləmişdin, yadındadır? Yəqin bu, qonşu otaqdakı qızın səsidir. Əlbəttə odur: qızın çamadanı necə açdığını və yatmamışdan qabaq bəzi şeyləri götürdüyünü aydın eşidirdi.
Norman yenə içdi. Əsəblərini sakitləşdirməli idi. Bu dəfə viski işə yaradı. Daha əlləri əsmirdi. Qorxu hissi keçib getmişdi. Artıq qız haqqında fikirləşəndə heç nədən qorxmurdu.
Gülməlidir: birinci dəfə qızı görəndə Normanı dəhşət bürümüşdü – ona nə deyirdilər? Nəsə “i” ilə başlayırdı. İmperativ? Yox, bu deyil. Yanında qadın olanda o, özünü imperativ hiss etmirdi. İdiot? Yox, bu da deyil. Lap dilinin ucunda idi, kitabda yüz dəfə oxumuşdu. Anasının heç yuxusuna da girməzdi ki, onun belə kitabları var.
Yaxşı, nə isə. Qızın yanında dayananda o özünü çox pis hiss etmişdi, ancaq indi hər şey yaxşı idi. İndi gücü qayıtmışdı, əlindən hər şey gələrdi.
Belə bir qız haqqında xəyalından çox şey keçirdi. O, cavan, gözəl, həm də ağıllı idi. Qız Anası haqqında söhbət salanda, Norman özünü əməllicə axmaq yerinə qoymuşdu; indi gərək qızın haqlı olduğunu etiraf edəydi. Qız hər şeyi bilirdi, onun üçün bunları başa düşmək çətin deyildi. Ürəyindən keçdi ki, kaş bir az da oturaydı, söhbətləri bir qədər də davam edəydi…
Deyəsən, daha qızı heç yerdə görə bilməyəcək. Sabah o, çıxıb gedəcək. Həmişəlik gedəcək. Texasdan, San-Antoniodan gələn Ceyn Vilson. Maraqlıdır, görəsən o kim idi, hara gedirdi, daxilən necə insan idi? Beləsinə rahatca aşiq olmaq mümkündür. Bəli, cəmi bir dəfə görməklə, ona vurulmaq olardı. Burada gülməli heç nə yoxdur. Ancaq o, bunu eşidən kimi uğunub gedəcək. Qızların hamısı belədir, – adamı həmişə lağa qoyurlar. Çünki onların hamısı qancıqdırlar.
Anası düz deyirdi. Hamısı qancıqdır. Ancaq bir qancıq bu qız qədər gözəl idisə və üzünü daha heç vaxt görməyəcəyini bilirdisə, özünü ələ almalıydı. Sən onu yenidən görməyə “məcbursan”. Əgər azacıq da olsa kişiliyin çatsaydı, otağında olanda bu barədə söz salmalıydın. İçki şüşəsini gətirib içməyi təklif edə bilərdin, özün də ona qoşulardın, sonra onu qucağına alıb yatağa aparardın, bax onda…
Bepul matn qismi tugad.