Kitobni o'qish: «Ölmək asan deyil»

Mualliflar jamoasi
Shrift:

TEODOR DRAYZER
QASIRĞA

İda Zobel hәr şeyә biganə olan adi adamların әhatәsindә dünyaya gəldi. Ciddi vә sәliqәli alman qızı olan anası onu üç yaşında atasının vә bibisinin ümidinә qoyaraq dünyadan köçdü. İda on yaşına çatanda Uilyam Zobel ciddilikdә özünә vә әvvәlki arvadına oxşayan ikinci arvad aldı.

Hәr ikisi onları әhatә edәn Amerika dünyasının yüngüllüyü vә başı pozuqluğu ilә heç cür barışa bilmirdi. Simic, yerә baxan, burnundan uzağı görməyәn, lakin diribaş olan bu adamlar heç vaxt rahatlıq bilmәyәn, hәmişә nәyisә axtaran, nәyinsә arzusunda olanların sırasında idilәr. Zobelә elә gəlirdi ki, bu cür hәyat hәddindәn artıq hay-küyçü olan gənc kişi vә qadınların hәr axşam küçәlәrdә veyllәnib, kefdәn başqa heç nә düşünmәmәsindәn çox-çox yaxşıydı. Hәlә avtomobillәrdә o yan-bu yana şütüyәn gənc avaralar, onların gəzdiklәri qızlar. Başlarını itirmiş biganә valideynlәr. Bütün uşaqların müstәqil, özbaşına hәrәkәtlәri. Belә millәtin axırı necә olacaq? Evdә, boş vaxtlarında vәrәqlәdiyi qәzetlәr dә hәr cür mәzmunsuz yazılarla dolu deyildimi? Hara baxırsan çılpaq qadın şәkillәrinә rast gəlirsәn. Caz! Ehtiras mәrasimlәri! Kәmәrlәrinin altında içki şüşәsi gәzdirәn yuxarı sinif oğlanları! Hәlә qızlar! Dizdәn yuxarı yubka geyәn, baldırları çöldә, yaxaları döşlәrinin arasınacan açıq, çılpaq qollu, kәsik saçlı, tünüklüyündәn alt paltarları belә görünәn qızlar!

«Necә? Onun da qızı bu cür böyüyәcәk? Özünü bu başıpozuqluğun ağuşunamı atacaq? Heç vaxt!»

Düşüncәlәr içindә qovrulan Zobel, İdanın böyümәsi vә tәrbiyәsi üçün әn ciddi qaydalar qoydu: qızın saçı öz qaydası ilә uzanmalıdır; dodaqları vә yanaqları heç vaxt oğlanlara gәl-gәl deyәn әnlik-kirşan üzü görməyәcək; sadә paltar geyәcәk; alt paltarı, corabları, ayaqqabısı vә şlyapaları adi olacaq. Bir sözlә, geyimi çox sadә vә ciddi olmalıdır. Mәktәbdә dәrslərә başı qarışmasa vә ya atasının evi dolandırdığı rәng dükanında gərək olmazsa, İda bütün günü evdә oturmalıdır. Ümumiyyәtlә, qızı elә tәrbiyә elәmәk lazımdır ki, onu heç bir qüvvә sürüklәyib çürük cəmiyyәtә calamasın.

Bu mәqsәdlә Zobel, Elizabet Hohstaufer adlı yaşlı bir dindar alman qadınının idarә etdiyi, öz ciddi qayda-qanunları ilә şәhәr mәktәblәrindәn seçilәn, hәtta bir qәdәr dә dini hesab edilәn mәktәbi seçdi. Bu qadın illәr uzunu xeyirxah xidmәti sayәsindә әtrafdakı yüzlәrcә alman ailәsinin dәrin rәğbәtini qazanmışdı. Hәddindәn artıq açıq-saçıq tәrbiyә verәn abırsız şәhәr mәktәblәrinә İdanı göndәrmәyә dәymәzdi.

Qız mәktәbә girәndәn sonra hәr gün evdә onu sorğu-suala tutur, cığırını azmamaq üçün hәr cür nәsihәt verirdilәr.

– Tәlәs! Dәrsin başlanmasına cәmi on dәqiqә qalır. Vaxt itirmә!.. Necә oldu ki, bu gecә beş dәqiqә gec qayıtdın? Nә edirdin?.. Müәlliminiz saxladı? Dәftər almaq istәyirdin? Niyә qabaqca evә gәlmәdin, onu sonra birlikdә gedib alardıq.

Bütün bu sözlәri İdanın analığı deyirdi.

– Bilirsәn ki, dәrsdәn sonra mәktәbdә yubanmağını atan xoşlamır… Bәs bu gün saat on iki ilә bir arasında Uorren avenyuda nә edirdin? Atan sәni bir qızla görüb… Vilma Bәlet? Kimdir bu Vilma Bәlet? Harada yaşayır? Nә vaxtdan onunla tanış olmusan? Necә olub ki, onun barәsindә indiyәcәn bizә bir kәlmә dә demәmisәn? Özün bilirsәn ki, atan necә adamdır. İndi gərək hәr şeyi ona danışam. Hirslәnәcәk. Atanın qoyduğu qaydalara itaәt etmәlisәn. Hәlә o yaşa çatmamısan ki, hәr şeyi özün hәll edәsәn. Axı, bu barәdә atan sәnә neçә kәrә deyib…

Buna baxmayaraq, İda hәyatın sevinc vә lәzzәtlәrini duyur, mәğrur vә sәrbәst böyüyürdü. Gözqamaşdırıcı parıltıdan yalnız tәsadüfi şölәlәr gәlib ona çatsa da, İda Uorren avenyunun parlaq, işıqlı dünyasında yaşayırdı. Saysız-hesabsız maşınların ötdüklәri yerdә! Hәlә kinolar, qızın sevimli şәkillәri, aktrisalar, mәktәbdәki qızların yamsıladığı bәzi hәrәkәtlәr! Sәslәr, öz maşınlarında belәdən-belә keçәn oğlan vә qızların qәhqәhәsi, taqqataqla ötәn tramvaylar, yanbayan düzülmüş dükanlar. Qol-qola, bәdәnlәrini әsdirә-әsdirә küçә boyu var-gәl edәn, xәlvәtə çәkilib yenidәn әsas küçәyә çıxan, güzgülәrdә vә vitrin şüşәlәrindә öz mütәnasib әndamlarına tamaşa edәn, hәrdәnbir oğlanlarla gizlicә baxışan, nәyisə hündürdәn danışa-danışa planlaşdıran, çәnә döyәn qızlar!

Qәşәngliyinә vә zәrifliyinә baxmayaraq, İda on dörd yaşınacan atasının qanunları çәrçivәsindә qaldı. Düz saat yeddi otuzda sәhәr yemәyi, çünki saat sәkkizdә atası dükanı açmalıdır; on iki otuzda atasının yanında günorta yemәyi; axşam saat altı otuzda isә şam – ticarәt vә ictimai işlәrin hәlli üçün Uilyam Zobelin çiyinlәrinә hәr gecə ağır yük düşür, kişinin başı qarışıq olurdu; odur ki, belә ertә şam yeyirdilәr. Hәr gün saat dörddәn altıyacan, ya da axşam yeddidәn ona qәdәr, şәnbә günlәri isә bütün günü İda atasının dükanında işlәmәliydi. Heç bir mәrasimә gedә bilmәzdi, yaxın rәfiqәlәrini evә çağırmağa ixtiyarı yoxdu.

Ögey anası İdanın az-maz xoşuna gәlәn rәfiqәlәrinin hәrәsinә bir ad qoyur, öz fikrini әrinә söylәyir, kişini inandırırdı. Qonşularda pıç-pıç gәzirdi ki, onun valideynlәri çox ciddidirlәr, onlar qızı icazәsiz bircә addım atmağa da qoymurlar. Tәsadüfәn valideynlәrinin xoşuna gәlәn kinoya getmək, hәrdәnbir valideynlәri ilә maşın gəzintisi olmasaydı, İda kino üzünә dә, gəzinti üzünә dә hәsrәt qalardı. Qız on beş yaşına çatanacan belә oldu, sonra atası ucuz bir maşın aldı vә arabir qısa sәyahәtә çıxmağa başladılar.

İda hәyatda yaşayan şәn vә gümrah insanları görürdü. Evdә isә valideynlәrinin rәsmi, quru münasibәti onu darıxdırırdı, o, soyuqluq duyurdu. Qızıl sağanaqlı eynәyinin altından açıq mavi gözlәriylә baxan Uilyam Zobelә elә gəlirdi ki, İda hәlә bir kәsin xoşuna gәlәsi hәddә çatmamışdı. Nazik, uzun sifәtli, qonur gözlü, sәliqә ilә daranmış qara saçlı ögey ana isә başqa cür düşünürdü. Әlbәttә, ciddiliyi ilә seçilәn Zobel öz düşüncәsi, qaydaları vә işgüzarlığı ilә özünü ata yox, allah kimi aparır, qızından aralı gәzmәyi üstün tuturdu. Bu da onları ata-bala yaxınlaşmağa qoymurdu. Bununla belә, İda valideynlәri ilә salamlaşırdı, xudahafizlәşirdi, süfrә başından qalxarkәn tәşәkkür dә edirdi. Hәrdәnbir valideynlәri onu özlәriylә qonaqlığa vә restorana aparırdılar; anсaq Zobel heç vaxt qız övladı arzulamamışdı, arvadı isә özgә uşağına çox da mehr salmaq istәmirdi – nә kişi, nә dә arvad yeniyetmә qızın daxili alәmi barәdә düşünürdü, ortada nә ruhi yaxınlıq, nә dә hәqiqi mәhәbbәt vardı.

Şәxsi lәyaqәtә vә özlәrinin nüfuzuna münasib olaraq qızın tәrbiyәsindә xüsusi әxlaq qaydalarına da ciddi әmәl edilirdi. Ancaq İdanın böyüdükcә daha qəşəng vә mәlahәtli olması atasının da, ögey anasının da ürәyinә qorxu-xof salmışdı. Qızın ipәk saçları, açıq mavi gözlәri vardı. Onun yumru, mütәnasib bәdәni hәtta miss Hohstauferin mәktәbindәki başqa qızların da diqqәtini cәlb edirdi. Balaca, düz burnu, dolğun, kiçikcә ağzı, hәmişә tәkәbbürlü dodaqları, yumru çәnәsi qəşəng idi. Mәgәr İdanın güzgüsü yox idi vә ya onunla bir mәktәbdә oxuyan oğlanlar kor idilәr ki, bu gözәlliyi görməyәydilәr? Hәlә yeddi yaşında ikәn oğlanlar özlәrini İdanın gözünә soxmaq istәmirdilәrmi? Әlbәt ki, onun atası, lap ögey anası da bunu yaxşıca görürdü. Ancaq qız başqaları kimi orda-burda lәngimirdi, güclü, mәntiqli, hәr şeyә mәna verәn nәsihәtlәr onun әl-qolunu bağlamışdı. Zobel vә arvadı düşünürdülәr ki, İda yalnız evә, dükana vә mәktәbә tәlәsmәlidir. Әgәr başqa iş dalınca göndәrilsәydi, dәqiqәlәr hesablanacaqdı.

Bütün bu ehtiyatkarlığa baxmayaraq, get-gedә qızın qәlb çırpıntıları artırdı. Gəncliyin yalnız öz gənclik dilindә danışan, axtaran, gәzәn әhvalı var. Bir-iki il әvvәl on iki yaşlı qıza elә gəlirdi ki, Uorren vә Trensi küçәlәrinin tinindә, onların evlәrindәn yarımca mәhәllә aralı aptekdә su satan Lourens Sulivan dünyada әn gözәl oğlandır. Ağappaq alnına tökülmüş pırtlaşıq, qara saçları, düz, incә әllәri (ya da qıza belә gəlirdi), geyimindәki sәliqә-sahman vә tәmtәraq necә xoşa gәlmәyәydi? Mәktәbdә oxuyan oğlanların çoxu yollarını buradan salır, ondan görüb-götürmәk istәyirdilәr. Hәtta qızlar da onun kimi gülümsәmәk, onun kimi hәrәkәt etmәk hәsrәtindәydilәr. Hәmişә mәktәbdәn qayıdanda yolüstü dayanmaq, Lourensdәn heç olmazsa bircә kәlmә eşitmәk istәyirdilәr.

– Salam, Della. Miss Mәk-Qiniz, bu gün necәsiniz? Deyәsәn, sizin nә almaq istәdiyinizi bilirәm. Mәncә, sarışın qızlar şokoladlı dondurmanı xoşlamalıdırlar, axı onların dәrisi şokolad kimidir.

Sonra isә Lourens gülümsәyir, miss Mәk-Qinizin pörtmәsini vә: – Siz sarışın qızların nәyi xoşladıqlarını yaxşı bilirsiniz, – demәsini gözlәyirdi.

Tәsadüfәn sodalı su vә ya dondurma almağa gәlmiş İda Zobel gözlәrini Lourensә zillәyәrәk diqqәtlә qulaq asırdı. Necә qәşәng oğlandı! On altı yaşında! O heç İda kimi qıza mәhәl dә qoymazdı: yenә dә İdanın yaşı bir az çox olsaydı! Görәsәn, o da böyüyәndә miss Mәk Qiniz kimi qəşəng olacaqdı? Belә qəşəng oğlanın xoşuna gәlmәk nә yaxşı olardı. Görәsәn, hәr şeydәn qabaq Lourens qıza nә deyәrdi? Bәs qız nә cavab verәrdi? İda xәyalәn bu qızları yamsılayır, özüylә Lourensin müsahibәsini keçirirdi. Bütün bu daxili çırpıntılar müqabilindә isә mister Sulivan özündәn әvvәlki susatanların yoluyla gedәrәk iş yerini dәyişdi, uzaq mәhәllәdә başqa işә düzәldi.

Ancaq bir müddәtdәn sonra İdanın gözünü tutan, fikrini günlәrlә mәşğul edәn başqa oğlanlar da tapıldı. Qız daxilәn müxtәlif planlar cızır, әylәnir, hәyata isә heç nә keçirmirdi. Belә oğlanlardan biri, sadәlövh vә heç dә mәşhur olmayan yerli ştat senatorunun gülәrüz, qəşəng oğlu Merton Uebster idi. O, İda ilә eyni mәhәllәdә yaşayır, Uotkinzin orta mәktәbindә oxuyurdu. İdaya o mәktәbә getmәyi mәslәhәt görməmişdilәr. Merton elә mehriban, elә qəşəngdi ki.

– Salam, balaca! Oho, necә dә qəşənglәşmisәn! İstәsәn, bir gün sәni özümlә rәqsә apararam.

Yaşının azlığından, ailәsinin ciddi tәzyiqindәn, utancaqlığından qızın başı aşağı enir, ancaq dodaqlarında tәbәssüm sezilirdi.

Bir il sonra, İdanın atasının dükanı yaxınlığında ev әşyaları satan vә sığorta edәn kişinin oğlu Uolter Stour qızın diqqәtini cәlb edәnәcәn İda yalnız Merton haqqında xәyallara daldı. Uolter qamәtli gəncdi, gülümsәr gözlәri, hәmişә tәbәssümlü dodaqları vardı vә yәqin ki, o da Merton Uebster, mağaza müdirinin oğlu Lourens Kros, camaşırxanaçının oğlu Sven Volberq vә başqa avaralarla birgə günlərini kinoda vә ya baş küçәdәki aptekin qabağında çürüdür, gәlib-gedәn qızlara söz atırdı. Hәlә hәyatında heç bir şey dәyişmәsә dә, İda mәktәbdәn evә vә ya evdәn atasına kömәk etmәyә gedәndә bu gənclәrә qarşı biganə qala bilmirdi. Onlar tәsadüfәn dükana gəlir vә İdanın gәlәcәyi haqqında fikir dә yürüdürdülәr:

– Oh, çox gözәl qız olacaq, elә deyil?

Qız birdәn-birә hәyәcandan qızarır, guya müştәrinin sifariş vәrәqini doldururmuş kimi özünü mәşğul göstәrirdi.

Uilyam Zobelin dostu olan qonşu almanın qızı Etelka Şomel İdaya bütün qızlar vә oğlanlar haqqında mәlumat verirdi. Etelka gözәgәlimli olmadığından, Zobel öz qızına onunla dәrdlәşmәyә icazә verirdi, o düşünürdü ki, Etelkadan İdaya xәtәr toxunmaz. Ancaq Etelka vasitәsilә, onunla arabir ora-bura etdiklәri kiçik gəzintilәr sayәsindә İda әtrafdakı hadisәlәr haqqında cürbәcür söhbәtlәrә acgözlüklә qulaq asırdı. İdanın böyük hörmәt bәslәdiyi Uolter Stour süd alverçisinin qızı Edna Stronqla gəzirdi. Stourun atası başqa atalar kimi qәddar deyildi. Onun yaxşı avtomobili vardı, hәrdәnbir maşını sürmәyә oğluna icazә verirdi. Stour da tez-tez Ednanı vә qızın bir-iki rәfiqәsini götürüb, kiçik Şark çayının üstündәki gәmi-evlәrdә olan istirahәt vә әylәncә yerlәrinә cumurdu. Etelkanın rәfiqәsi ona demişdi ki, Stour çox mәzəli oğlandır. Hәm dә mahir rәqqasdır. Etelkanın rәfiqәsi onunla bir mәrasimdә olubmuş… Әlbәttә, İda belә söhbәtlәri dinlәmәyә can atır, acgözlüklә qulaq asırdı. Belә hәyatın nәşәsi, möcüzәsi, gözәlliyi! Ayrı alәm idi!

Bir axşamüstü, saat yeddi otuz radәlәrindә atasının dükanına gedən İda mərkəzi küçәnin yanından keçәrkәn bir neçә oğlanla öz sevimli yerindә dayanmış Stourun sәsini eşitdi.

– Mәn bu şirin balanın kim olduğunu bilirәm, ancaq atası onu oğlanlara baxmağa qoymur. Elәdir?

Axırıncı söz İdaya deyilirdi, çünki hәmin an qız oğlanların bәrabәrindә idi vә sözlәr ürәyinә yatsa da, danışanın kim olduğunu bilsә dә, addımlarını yeyinlәtdi. Әgәr atası bunları eşitsәydi! Aman allah! Bәdəni әsim-әsim әsdi. «Şirin bala!», «Şirin bala!» Bu sözlәr isә qızın qulaqlarında cingildәyirdi.

Sonra isә… sonra isә, qız on altı yaşına girәndә Edvard Hauptvencer Qrey-stritdәki böyük evdә yaşamağa başladı. Onun atası Cәkob Hauptvencer mәşhur kömür taciriydi, son vaxtlar Absekondda gəlirli bir sahə almışdı. İdanın qızlıq yetkinliyini daha kәskinliyi ilә hiss etdiyi vaxtlardı. O, hiss edirdi ki, yetkinlik öz әlamәtlәrini göstәrir; atasının vә ögey anasının yerli-yersiz deyinmәsinә sәbrsiz qulaq asması, onlardan tәngә gәlmәsi tәsadüfi deyildi. Yazda vә yayda gecəlәr qız gözlәrini aya zillәyir, onun solğun şüalarına nәzәr salır, öz darıxdırıcı evlәrinә və lalә, zanbaq, qızılgüllәrlә dolu bağçalarına baxır, tәәccüblü vә qәribә hisslәr keçirirdi. Aşağıda, Uorren-avenyuda ulduzlar sayrışırdı. Orada maşınlar, camaat, kino-teatrlar, restoranlar var; bütün bunlardan qızın xoşu gəlirdi. Bütün bu düşüncәlәrdә bir dәlilik, bir ağrı vardı. Off, kef üçün kef! Get, atıl-düş, rәqs elә, oyna, birisi ilә öpüş – kim olur-olsun, tәki gənc olsun, qəşəng olsun. Görәsәn, İda nә vaxtacan heç kәslә tanış olmayacaq? Tәrslikdәn, qonşuluqda yaşayan bütün cavanlar onu görәn kimi dilә gəlirdilәr:

– Oh, gör bir kim gəlir. Hayıf ki, atası bir yana buraxmır.

– Niyә saçını kәsdirmirsәn, İda? Ağlını başına yığ.

İndi mәktәbә getmәsә dә, yenә әvvәlki kimi atasına kömәk edir, әvvәlki kimi geyinirdi. Qısa yubka, kәsik saç, açıq yaxalıq, üz-gözünә bәzәk vurmaq – hәr şey, hәr şey qadağan idi.

Ancaq Edvard Hauptvencer öz gәlişiylә qızın hәyatına dәyişiklik dә gәtirdi. Küçәdәki oğlanların arasında hәr cürü vardı – qəşəng, mübariz, istәdiklәri qızın yuxusuna haram qatan bic, yaxşıca geyinib-keçinәn, bir sözlә, dostlarının yanında kişi kimi dayananı çox idi; Edvard istәdiyi gənc ilә oturub-dura bilәrdi. Mәgәr onun da Qrey-stritdә ayrıca otağı yox idi? Mәgәr onun atasının kömür mәdәnlәri vә mәşhur indeksli yük maşınları әtrafa küy salmamışdı? Bunlara әlavә olaraq Hauptvencer anasının yumşaq damarını da tutmuşdu (atasına bir söz dә demәzdi), cibi hәmişә pulla dolu idi, qiymәtindәn asılı olmayaraq istәdiyi vaxt istәdiyi şeyi ala bilәrdi. Öz mәşuqәlәrini restoranlara, şәhәr әtrafına apara bilәrdi. Hәlә sonralar onun sevimli görüş yerinә çevrilmiş kiçik Şark çayı üzәrindәki gәmi-klub. Onun şәxsi qayığı vardı, bu da hәr şey demәkdi. Edvard yaxşı üzgüçü vә dalğıc idi. O, atasının maşınını istәdiyi vaxt işә sala bilәrdi; şәnbә vә bazar günlәri dostlarını başına yığıb gәmi-kluba aparırdı.

Burada az qala birillik fәaliyyәti sayәsindә әtrafına müәyyәn dostlar toplayandan sonra, bir axşam evdәn mağazaya gedən İda Zobel onun gözünә sataşdı. Qız gәncliyinin әn tәravәtli çağındaydı. İda vә onun ailә şәraiti barәdә dostlarından eşitdiklәri Edvardı düşündürdü. İda gözәl idi. Onunla әlaqә yaratmağa dәyәrdi. Ancaq qızı çәtinliyә salmış şәrait tәbiәtәn macәra axtaran Edvardı düşünmәyә vadar elәdi. İda ilә macәra maraqlı olardı… «Ah, bu köhnә dәbli almanlar! Mәhәllәdә heç bir oğlan cürәt edib qıza girişә bilmir. Yaxşı, yaxşı…»

Edvard vaxtı fövtә vermәdәn bütün mәharәtini işә salaraq İda Zobelin düşdüyü vәziyyәti öyrәnmәyә başladı. Tezliklә anladı ki, qıza möhkәm vurulmuşdur. O qəşəng çöhrә! O tәnasüblü, yumru әndam! O iri, açıq mavi, utancaq vә әlәkeçmәz, ürkәk gözlәr! Ancaq… o gözlәrdә bir hәsrәt dә vardı.

İda dükanda olanda Edvard tez-tez Zobelin dükanının qabağından keçmәyә başladı. Tәrs kimi, Zobel bütün günü, hәtta axşamlar belә gecəyarıya qәdәr dükanda olurdu; ya kassada eşәlәnir, ya kitab oxuyur, ya da müştәrilәrә xidmәt edirdi. İda öz cazibәsi ilә oğlanı özünә tәrәf elә çәkirdi ki, Edvard istәr-istәmәz qıza daha artıq vurulurdu. O, tez-tez dükanın hәndәvәrindә veyillәnir, qızın tәk ola bilәcәyi saatları öyrәnmәyә çalışırdı. Çәrşәnbә vә cümә günləri belә vәziyyәt yaranırdı; başqa almanlar kimi, alman ticarәt birliyinin üzvü olan Zobel bәzi sәnәdlәri imzalamaq üçün hәmin günlər axşam saat sәkkiz otuzdan sonra dükanda olmurdu. Hәrdәnbir ögey anası orada görünsә dә, ümumiyyәtlә, bu vaxtlar qız tәk qalırdı.

İndi, yatmış gözәllә kәlmә kәsmәk vaxtı çatmışdı. Әvvәlcә, Edvard dükanın yanından ötәrkәn vә ya qız onların dәstәsinin yanından keçәrkәn bir-iki dәfә İdaya baxıb gülümsәdi, başının adamlarına «qızı әlә alacam, gözlәyin, görәrsiz» dedi.

Bir axşam Zobel dükanda olmayanda ora ayaq basdı. Qız piştaxtanın arxasında dayanıb müştәri gözlәsә dә, fikri bayırdakı qaynar hәyatın yanında idi. Son iki hәftә әrzindә İda, Hauptvencerin mәnalı tәbәssümü ilә üz-üzә gәlirdi. Onun qamәti, әzәlәli bәdәni, cәld hәrәkәtlәri, inadcıl, hәsrәtli gözlәri nәlәr demirdi. İlahi. Әvvәlki oğlanlar kimi o da İdanın diqqәtini cәlb elәmişdi; o da gözәgәlimli, tәşәxxüslü vә özünә pәrәstiş edәn oğlandı – İda kimi utancaq vә kövrәk qızlar belә oğlanlara meyl edirdilәr…

Edvard qәtiyyәn tәrәddüd etmirdi. Bu mәsәlә ilә әlaqәdar olaraq özünü әziyyәtә salıb tanışlığa heç sәbәb dә düşünmәdi. Nә fәrqi varmış ki? Edvard bәzi rәnglәrә baxmağa gәlib. Deyәsәn, onlar evlәrini rәnglәyәcәklәr… Belәliklә, qızı söhbәtә tutar, əgər «qoca» özü qayıdıb gәlsә, rənglәr barәdә söhbәtini Edvard kişinin özüylә davam etdirәr.

Bütün mәhәllәni valeh edәn boz kostyumunda, açıq rəngli şlyapa vә ayaqqabılarında, bu dәm-dәsgahı tamamlayan qalstukunda Edvard şәhvәt gәtirәn ilıq bir may axşamı şәstlә dükana girdi.

– Oh, salam! Belә qəşəng havada dörd divar arasında işlәmәk lap cәhәnnәm әzabıdır, düz demirәm? – Bu sözlәr mәlahәtli tәbәssümlә әvәz olundu. – Mәn bir-iki rəngә baxmaq istәyirәm, mәni baaax… o rənglәr maraqlandırır. Bizim qoca evi tәzәdәn rənglәtmәk fikrinә düşüb.

Hәyәcandan pul kimi qızaran İda çevrilib rənglәrin siyahısına baxdı – әslindә isә o, pörtmüş sifәtini gizlәtmәk üçün üzünü çevirdi. Bu, utanmaqdan daha çox qorxudan doğurdu. Sәn bir buna bax! Birdәn atam vә ya analığım gəldi? Eh, məgər o da başqaları kimi müştəri deyil?.. Ancaq qız yәqin etmişdi ki, oğlanı dartıb bura gәtirәn heç dә rәng mәsәlәsi deyil. İda yolun kәnarında durub dostlarına göz qoyan üç sıra oğlan gördü. Edvard isә çox nәzakәtlә piştaxtaya söykәnib davam etdi:

– Mәn sizi bilirsiniz neçә dәfә görmüşәm? Mәktәbә gedib-gələndә, dükana gələndә, evә gedəndә. Az qala bir ildir buralardayam, ancaq sizi bir dәfә dә qızlarla bәrabәr gəzәn görməmişәm. Çox pis! Yoxsa… biz görüşә bilәrdik. Mәn qızların çoxunu tanıyıram.

Edvard ona әziyyәt verәn qalstukunu bir az boşaltmağa çalışdı; bunun üçün әlinin biri hәrәkәtә gәldi, barmağındakı üzüyün qaşı şölә saçdı.

– Eşitmişәm, atanız sizi hәtta Uorren Haiyә belә buraxmır. Görünür, çox zabitәli adamdır, hә?

O, gözlәrini qarşısındakı ala gözlü, yumru çәnәli, zənәxdanlı, dolu dodaqlı, qumral saçlı qıza zillәdi; İda әsim-әsim әsir, bәrk hәyәcan keçirirdi:

– Hә, çox zabitәlidir.

– Axı harda görünüb ki, çiçәk kimi bir qızı ev dustağı elәyәsәn? Düz demirәm?

Әlinә aldığı rənglәr siyahısını әdayla piştaxtanın üstünә atıb davam etdi:

– Ayda-ildә bir dәfә şәnlәnmәlisiz, ya yox? Bilsәydim razı olarsınız, özüm sizin atanızla tanış olardım. Mәnim atamın çayın aşağısında iri kömür mәdәni var. Әminәm ki, bizim qoca sizin atanızı tanıyır. Mәnim maşınım da var, düzdür… o, atamınkıdır, ancaq istәdiyim vaxt… Necә bilirsiz, atanız icazә verәrmi bir şәnbә vә ya bazar günü maşına oturub bir az fırlanaq? Kiçik Şark çayına, ya da ki, Pek plyajına özümüzü vuraq? Buranın bütün cavanları oğlanlı-qızlı oralara axışırlar.

Hauptvencer ürәk fәth etmәyin bütün üsullarını işә salmış, qızla kәlmә kәsmәyә başlamışdı. Küçәdә dayanıb içәri göz qoyan oğlanlar, yәqin ki, mәrci uduzduqlarını hiss edәrәk uzaqlaşdılar. Narahat İda isә dәhşәtli, hәm dә şipşirin düşüncәlәrә daldı. Düşündü ki, nәhayәt Edvard kimi qəşəng oğlanın xoşuna gәlmişdi. İlahi… Atası xoşlamasa da, bu cür iradәli oğlan hәr şeyә qalib gәlә bilmәzdimi? Ancaq… ancaq İdanın saçı kәsilmәmişdi, donu gödәk deyildi, dodağı boya görməmişdi. Doğrudanmı, onun tәkcә tәbii gözәlliyi Edvardı mәftun elәmişdi? Oğlanın nә gözәl tünd qәhvәyi, bir az sәrt baxışlı, ancaq hәsrәt dolu gözlәri, incә әllәri vardı… Necә dә zövqlә geyinmişdi. Özünün ağ haşiyәli, tünd rəngli paltarını, dәbdәn düşmüş ayaqqabı vә corablarını düşünәndә isә İda utandı. Bununla belә, qız ucadan başqa cür danışdı:

– Yox, indi… mәn siz deyәn kimi hәrәkәt edә bilmәrәm, bilirsiz… Bilirsiz, atam sizi tanımır. O, tanımadığı, ya da rәsmәn tanış edilmәdiyim adamla mәni heç yana buraxmaz. Bilirsiz… mәsәlә belәdir…

– Yaxşı, onda mәn özümü tәqdim edә bilmәrәm? Әminәm ki, bizim qoca sizin atanızı tanıyır. Ona deyәrәm ki, sizinlә tanış olmaq istәyirәm. Mәn atanızdan qorxmuram, özü dә burada pis nә var ki, elә deyil?

– Hә, o cür yaxşı olar… ancaq atam yaman tәrsdir, bәlkә heç belәdә dә bir şey çıxmaya.

– Aha! Siz mәnimlә gəzmәk istәyirsiz, elәdir? Heç olmazsa, kinoya gedәk? O, daha bunun da әleyhinә çıxa bilmәz ki, düzdür?

Edvard gözlәrini qızın gözlәrinә dikdi, baxışlar elә bil çaxmaq çaldılar.

Qızın gözlәrindә cavab qığılcımları göründü. Tәlatümlәr içindә çırpınan İdanın ürәk döyüntülәri artdı, qız elә bil mәst oldu, özünü idarә edә bilmәdi. Süst halda oğlana baxdı. Edvardın oyatdığı mәhәbbәt hissi! Mәhәbbәtin gözәlliyi! İdanın oğlana lal-dinmәz meyli! Qızın dili topuq çaldı:

– Yox… bәlkә yox, hә? Mәn bilmirәm, bilmirәm. Görürsüz ki, heç elә qəşəngliyim dә yoxdur.

Qız Edvarda elә baxdı ki, sanki bu dilsiz baxışlarla oğlana qәlәbә qazandığını söylәdi.

«Asanca hәll edildi! – Edvard düşündü, – hәr şey asan olacaq».

O, Zobeli görüb, qızın icazәsini alacaq, ya da gizlicә qızla görüşәcәkdi. Axı, atanın ixtiyarı yoxdur ki, qızını hәyatın lәzzәtlәrindәn mәhrum elәsin. Bu dar düşüncәli alman valideynlәrә hәr şeyi göstәrmәk lazımdır, onları qәflәt yuxusundan oyatmaq, silkәlәmәk, hәyata qaytarmaq lazımdır.

İki gün sonra onun qızına gәlәcәk әr olmaq üçün Zobelin xeyir-dua verә bilib-bilmәyәcәyini öyrәnmәkdәn ötrü çәkinmәdәn dükana girdi. Əgər işlәr istәdiyi kimi getmәsә, o, bütün münasibәtlәri poza bilәr, öz әlindә deyilmi? Neçәsini elә o özü atmamışdı?

Bәli, Zobel onun atasını tanıyırdı. Özü dә, Hauptvencerin dilli-dilavәr, özündәn bәdgüman izahına hәvәslә qulaq asa-asa oğlanın bahalı kostyumuna, tәzә qәhvәyi ayaqqabılarına baxır, hәr şeyi fikrindә götür-qoy edib, Edvardın layiqli namizәd olduğu qәnaәtinә gəlirdi.

– Deyirsәn ki, artıq qızla danışmısan?

– Bәli, ser, soruşdum ki, onunla tanış ola bilәrәmmi?

– Ah, ah! Bu haçan olub?

– İkicә gün qabaq. Axşam, elә burada, dükanda.

– Ah, ah!

Hәr şeyi ölçüb-biçәn Zobelin gözlәrinin kәnarında vә burnunun yanında bir anlığa qәribә qırışlar yarandı, kişi fikrә getdi.

– Yaxşı, yax-şııı… Bu elә mәsәlәdir ki, mәn qızımla tәklikdә danışmalıyam. Özüm hәr şeyi götür-qoy etmәliyәm, hm… Mәn öz qızıma qarşı, onunla addım atacağı şәxsә qarşı çox tәlәbkaram, bilirsizmi?

Ürәyindә isә o, yaxınlıqdakı kömür mәdәnlәri haqda fikirlәşirdi, bu cavan oğlanın da alman familiyası daşıdığını düşünürdü; onun gәlәcәyi nәlәr vәd etmirdi?

– Nәticәsini sonra sizә deyәrәm. Bir başqa vaxt bura baş çәkin.

Öz qızıyla uzun danışıqdan sonra Zobel qәrar verdi ki, nәhayәt, İdanın bu oğlanla әlaqә saxlamasına icazә vermәk olar. Artıq qızın on altı yaşı vardı. Daha atasının ona qarşı sәrtliyi yetәrdi. Daha İdanın pis günləri arxada qaldı. Hәr halda onun yaşında olan qızlar başqa әdәblә oturub-dururlar. Edvardın isә açıqca gәlib, heç bir pis mәna güdmәdәn Zobellә danışması kişinin xoşuna gəlmişdi.

Oğlana hәlәlik hәftәdә bir-iki dәfә qızla gəzmәyә icazә verildi. Hәr sonrakı görüşdә Hauptvencer daha fәal olurdu, әsas mәqsәdini hәyata keçirirdi. Bir müddәt çox ehtiyatla davranan Edvard bir axşam qonşu mәhәllәdәki kinoya getmәyә icazә istәdi vә razılıq aldı. Sonra isә şәnbә vә ya cümә günü axşamlarını İda ilә keçirmәk adәt halına düşdü. Hәr şey İdanın dükanda gәrәk olub-olmamasından asılı idi. Sonra, heç bir mәnәvi vә vicdan әzabı çәkmәdәn o, mister Zobeldәn xahiş etdi ki, İdaya şәnbә axşamı kiçik Şark çayındakı Pek plyajına getmәyә icazә versin. Plyaj uzaqda deyildi, şәhәrdәn cәmisi doqquz mil aralıydı. Orada hәr şey yaxşıydı, bütün әtrafdakı adamlar şәnbә vә bazar günlərini plyajda keçirirdilәr. Zobel yenә dә hәr şeyi götür-qoy edәndәn, bir qәdәr nәm-nümdәn sonra plyaja getmәyә icazә vermәdi. Ancaq Edvard istәyirdisә, İdanı şәhәrin aşağısındakı teatra vә ya restorana apara bilәr; ya da qonşu tindә öz bacısı ilә yaşayan oğlangilә getmək olardı.

Zabitәli olmasına, hәr şeyi süzgәcdәn keçirmәsinә, hәr şeyә göz qoymasına baxmayaraq, Zobel mәhәbbәt romanına qarşı tab gәtirә bilmәdi. Edvard Hauptvencer necә olursa-olsun qızla daha yaxın olmağa can atırdı. Bunu ehtiyacdan irәli gələn qarşısıalınmaz bir qüvvə hesab edir, mәqsәdinә çatmaq istәyirdi. Oğurluq, ya da güclә alınmış öpüşlәr başlandı. Hәlә dә atasının nәfәsini vә nәsihәtlәrini öz üzәrindә hiss edәn İdanın titrәyişlәr içindә yalvarışları, sevgilisini yola gәtirmәk üçün ürәk çırpıntıları başladı.

– Ah, sәn mәnim atamı tanımırsan. Yox, sәn belә etmәməlisәn! Etmәmәlisәn! Yox, mәn, mәn bu qәdәr bayırda qala bilmәrәm. Gecdir! Oh, yox… mәni ora aparma. Ora getmәyә ürәk elәmirәm. Atam bilsә, dәrimi soyar…

Gec saatlara bu vә ya buna bәnzәr sözlәrlә işarәlәr edilsә dә, şәhәrdәn iyirmi beş mil aralı olan kiçik Şirk çayındakı sirli vә müasir dәbli gәmi-kluba səyahәt dә tәklif olundu; Edvardın dediyinә görə, orada hәr şey vardı: rәqs etmәk, üzmәk, qayıqda gəzinti, musiqi, bayram şәnliyi. Әvvәllәr heç vaxt belә işlәrә baş qoşmayan İda anladı ki, bütün bunlar çoxlu vaxt aparasıdır. Gecәyarıya kimi, ya da lap sәhәrәcәn davam edәcәk, atası isә evә qayıtmaq üçün әn geci axşam saat on ikinin yarısını müәyyәnlәşdirmiş, qızıyla möhkәm şәrt bağlamışdı.

– Sәn heç bir lәzzәt almaq istәmirsәn? Ay-hay! Atan sәni göz açmağa qoymur, sәn dә razı olursan? Әtrafındakı oğlanlara, qızlara bir fikir versәnә. Onların arasında sәnin kimi qorxağı yoxdur. Hәm dә, burada pis olan nә var ki? Atan buna heç nә deyә bilmәz. Ondan başqa heç kim görüşü saatla tәyin etmir.

İda yenә dә çırpıntılar içindә yalvarır, Hauptvencer isә qızın yalvarışlarından daha da cürәtlәnib onun üzәrindә tam qәlәbәyә can atır, qızı öz tәsiri altına salmaq, atasından qoparmaq istәyirdi.

Sonra isә şәhvәt gətirәn bir yay gecəsi Kral Parkındakı ağacların kölgәsindә, ya da burunları hәmin ağacların gövdәlәrinә toxunan, göldә xәfifcә yırğalanan kiçik qayıqlardan birindә, mәst halda, titrәyişlәr içindә öpüşmәk, öpüşmәk, öpüşmәk…

Ehtiras alovlarında yanan yetkinlәşmiş, hәm dә tәcrübәsiz İda gəncliyin, mәhәbbәtin vә gözәl yay axşamlarının qoynunda özünü tamam unudur, oğlanın ixtiyarına buraxırdı. Mәşuqunun gözәlliyi, geyimi, cәldliyi, qüvvәsi, qızı oxşaması, әzizlәmәsi! Oğlan söylәyirdi ki, İda onu heyran edir. Əgər İda onu hәqiqәtәn sevirdisә, demәk hәmişә bir iş görmәk, ora-bura qaçmaq, xәlvәtә çәkilmәk… bütün bunları niyә etmәyәydilәr? Doğrudan da, dünyanın bütün lәzzәtlәrini dadmaq, hiss etmәk onların әlindәydi… Nәhayәt, hәmin göldәki qayıqların birindә qız oğlanın qolları üstündә xumarlananda, Edvard İdanın ürәyindәn olan gәlәcәkdәn söz sala-sala nәyisә qıza anlatmağa çalışdı, oğlan indiyәcәn elәmәdiyi işi gördü. İda qәflәtən sıçrayıb qalxdı, yalvardı ki, Edvard onu sahilә aparsın. Yalvarışların müqabilindә Edvardın mәnasız gülüşü eşidildi.

Axı, Edvard nә etdi ki, belә dәhşәtli oldu? İda belә әzaba layiq idimi? Məgər qız onun qayğısını çәkmirdi? Çәkmirdi? Onda, özbaşınalıq nә üçündü?

Ağlamaq nә üçün? Aman allah, bu fәryad nә üçündür, fәryad nә üçündür axı? Oh, madam ki İda qalmaqal qaldırır, Edvard onu sahilә apara bilәr…

Sahilә çıxan kimi Edvard tәlәsik, tәşәxxüslü addımlarla, özündәn razı halda çıxıb getdi, gözlәnilmәz zәrbәdәn әzaba düçar olmuş, incidilmiş İda isә birtәhәr öz otağına çatıb yerinә uzandı, sifәtini balıncının içindә gizlәtdi. O, yaxınlaşan tәhlükә haqqında yastığa pıçıldayır, öz-özünә söylәnirdi; tәhlükә, dәhşәt, onu dәhşәt gözlәyirdi. Ancaq gözlәrindә vә qәlbindә Hauptvencerin aydın siması, onun çöhrәsi, әllәri, saçları vardı. Oğlanın әzizlәmәsi! Öpüşlәri! Düşdüyü vәziyyәtdәn çıxmaq üçün baş sındıra-sındıra İda ümid yolunu sәhәrisi dükana getməkdә gördü; gözlәmәyә başladı, bәlkә Edvard qayıtdı, bәlkә darıxdırıcı tәklik oğlanın fikrini dәyişdi, bәlkә o, qıza verdiyi әzaba son qoymağı lazım bildi?

Eh, mәhәbbәt, mәhәbbәt! Edvard! Edvard! Edvard! Yox, Edvard onu tәrk etmәmәlidir, tәrk edә bilmәz. Qız onu görməli, izah üçün ona şәrait yaratmalıdır. O, Edvardı başa salmalıdır ki, bu, mәhәbbәtdәn deyil, hәyatın qorxusundandır – onun atası, hәr şey, hәr şey, hamı İdanı hәyatdan tәcrid edib, küskün, biganə böyüdüb.

Hauptvencer isә tәcrübәli vә özündәn müştәbeh olsa da, tәlәsik iş tutduğu üçün çox әsәbi gəzirdi. Hәr şey bir yana, o cür gözәli zorlamağa dәyәrdimi? Zorlamaq! Edvard qızı belә tezliklә әldәn buraxa bilmәzdi. Bәlkә dә onun başına bir azca ağıl qoyulsaydı, qız dәli olmaq әvәzinә daha mehriban, daha qılıqlı olardı?

Axşamüstü Edvard Uorren vә Hai küçәlәrinin tinindә, İdanın yolu üstә dayanır, amma özünü görməzliyә vururdu. İntizardan vә bәdbәxtlikdәn rəngi qaçmış İda isә onu görürdü. Bazar ertәsi! Çәrşәnbә axşamı! Çәrşәnbә günü Edvard başını da çevirmәdәn dükanın yanından saymazyana ötüb keçdi. İda tab gәtirmәdi, atasının dükanında xırda-mırda işlәrә baxan zәnci balasına balaca mәktub verdi, axşam saat yeddi radәlәrindә öz sevimli tinindә dayanan Edvarda çatası bir mәktub.

Bir qәdәr dә sonra Edvard çox laqeyd halda mәktubu alıb oxudu. Demәli, İda ona mәktub yazmalı oldu, hә? Ah, bu qadınlar! Ancaq mәktubdakı cümlәlәrin hәyәcanı Edvarda da sirayәt etdi:

«Ah, Edvard, әzizim, mәnә qarşı belә qәddar olma! Necә ürәyin gəlir? Sәni gör necә sevirәm!? Sәn nә elәdiyini anlamadın. De ki, anlamadın. Onda sәni bağışlayaram. Oh, yalvarıram, saat sәkkizdә bizә gәl. Sәni görmək istәyirәm».

İndi öz qәlәbәsindәn qürrәlәnәn Edvard Hauptvencer, İda ilә onun әlaqəsindәn xәbәrdar olan dörd nәfәr dostunun yanında ucadan dedi:

– Hә, yaxşı, yaxşı. De ki, gәlәrәm.

Saat sәkkizdә Zobelgilә üz tutdu. Yoldaşlarını tәrk edәn kimi onlardan biri ağzını marçıldatdı:

– Bilirsiz nә var? Zobelin o qəşəng qızı indi Edvardın әlindәdir. Hә! Qız özü ona mәktublar yazır. Qulluqçunun kağız gətirdiyini görmәdiz? Deyәsәn, burda şeytan işi var.

Başqaları da hәsәd, lәzzәt vә şübhә ilә bir-birinә mәlumat verirdi:

– Bilirsiz nә var?

Onlar Kral Parkındakı gölün sahilindә, ağacların altında yenә dә görüşdülәr.

– Ah, әzizim, mәnә necә qıydın, necә qıydın? Ah, mәnim әzizim, mәnim әzizim…

Oğlanın sәsi eşidildi:

– Oh, inan, inan ki, heç nә olmayıb. Sәn mәni nә hesab edirsәn? Məgər mәn insan deyilәm, mәnim ürәyim yoxdur? Başqaları kimi mәnim dә bәzi planlarım var. Məgər sәndәn ötrü dәli-divanә deyilәm? Sәn dә mәndәn ötrü divanә deyilsәn? Hm, sonra… bundan sonra… bundan başqa… yaxşı, de… qulaq as…

Dәhşәtli sәhvә gətirib çıxarmış hәrәkәt böyük ustalıqla kölgələndi: Edvard izah elәdi ki, burada iki çağlayan ehtirasın birlәşmәsindәn savay heç nә yoxdur Әlbәttә heç bir pis iş yoxdur. Yoxdur!

Yenә dә İdanın ülvi mәhәbbәtә pәnah gətirmәsi, yenә dә mәhәbbәtin korluğu. Edvard möhkәm-möhkәm vәd edirdi. İndidәn narahat olmağa dәyәrdimi? Eh, Edvardın tanıdığı qızlar içindә İda yeganәsiydi ki, belә şeylәrdәn qorxur, narahat olurdu… Nәhayәt, yenә dә Edvardın atasının maşını işә salındı, kiçik Şark çayına sәyahәt başlandı. Sonra başqa-başqa işlәr. hәm zәif düşdüyündәn vә qorxulu fikirlәrlә çarpışdığından, hәm dә gözlәnilәn nәticәnin vahimәsindәn İda bәrk-bәrk oğlana sarılır, bu da oğlanı tәngә gәtirirdi. İndi o, tamamilә Edvardın idi, tamamilә. Ah, daha Edvard ona heç vaxt iztirab vermәz, heç vaxt onu atmaz.

Atәşini söndürәndәn sonra Edvardın özündәn bәdgüman şәxsiyyәti başqa qәlәbәlәrә can atdı, bu tәhlükәdәn tez uzaqlaşmaq, qorxusu olmayan başqa güllәr qoxumaq, başqaları ilә әlaqә yaratmaq fikrinә düşdü. Hәr halda, daha bir qızı… Daha bir tәcrübә apardı. Tәslim olmamışdan qabaq İdanın sifәtindәki sehrli ifadә Edvardın yadına düşdü. Edvard hәmin ifadәni anlamamışdı. Başa düşә bilmәmişdi. Heç bu haqda düşünmәk belә istәmәmişdi… Olan olmuşdu. Heç bir vicdan әzabı çәkmәdәn, qorxu hissi keçirmәdәn o, izdivacla nәticәlәnә bilәcәk bu qalmaqallı mәsәlәyә son qoymaq, hadisәlәr düyünə düşmәmiş aradan çıxmaq qәrarına gəldi. Yaxasını әlә verә bilmәzdi.

İyul, avqust aylarının şirin vә mülayim saatlarından sonra, nәhayәt, dәhşәtli sarsıntılar vә şikayәtlәr başlandı. İda bәdәnindә nәsә baş verdiyini duyurdu. O, qәribә hal keçirirdi, dilli-dilavәr olmuşdu. Son günlər isә canındakı uçunmalar ürәyinә qorxu salırdı. Bәlkә nәsә olmuşdu? Edvard düşünürdümü ki, bütün bunların axırı dәhşәtli ola bilәr? Oğlanın tapşırdığı hәr şeyi İda yerinә yetirmişdi. Oh, əgər dәrman tәsir göstәrmәsәydi, nә olacaqdı? Sonra İda nә edәcәkdi? Canını hara qoyacaqdı? Edvard omunla evlәnәcәkdimi? O evlәnmәlidir, mütlәq evlәnmәlidir. Başqa yolu yoxdur. İdanın zәhmli, әzazil atası! Qızın öz daxili çırpıntıları! O, daha bu evdә yaşaya bilmәz. Bilmәz! Məgər onlar, məgər onlar evlәnә bilmәzdilәr?! İndi ki, hәr şey sәhv imiş! Edvard, söz vermişdi ki, bir şey baş versә, onlar evlәnәrlәr, elә deyilmi?

Hauptvencer mәsәlәdәn hali olan kimi bәrk әsәbilәşdi. İzdivac! Yox bir! Heç vaxt! Bәs atası? Bәs özünün tamamilә sәrbәst, azad hәyatı? Onun gәlәcәyi! Bir dә, axı İda hardan bilib? O, belә şeylәri hardan bilir? Tutaq ki hamilәdir. Başqa qızlar heç bir çәtinlik çәkmәdәn yaxalarını artıq yükdәn qurtarırlar. İda göydәn düşmәyib ki? Məgər Edvard bildiyi bütün tibbi ehtiyatkarlığı qabaqcadan görməmişdi? İda hәr şeydәn qorxandır, dünyadan xәbәri yoxdur, heç nәdәn başı çıxmır. Qızlar belә çәtinlikdәn çox yüngülcə azad olurlar; Edvard o qәdәr belә şeylәrin şahidi olmuşdu ki! Yenә dә bir-iki vacib, karlı dәrman üçün baxmaq lazımdı.

Әvvәllәr heç vaxt müşahidә etmәdiyi uçunmalar başlanandan sonra İda başa düşdü ki, qorxulu cinsi әlaqәlәrә son qoymaq lazımdır; ona elә gəlirdi ki, Edvardı özünә yaxın buraxmamaqla onun cavabdehliyini bir daha yadına salmış olar. Ancaq… Edvard ayağını tamamilә kәsdi. Başqa qızlar qәhәt deyildi ki? Dünya qızla doluydu. Məgər lap bu günlərdә o, kef çәkmәyin azad vә şirin yollarına yaxşıca bәlәd olan, heç vaxt özü ilә lәnәtә gəlmiş yük gəzdirmәk fikrindә olmayan bir qızla tanış olmamışdı?

Ancaq Zobel kimi qәddar atası ilә, oğlunun paklığına әmin olan öz anası ilә üz-göz ola bilmәk ehtimalı işlәrin çox da yaxşı olmamasından xәbәr verirdi. Demәli, bacardıqca tez, mәharәtlә bu qorxulu vәziyyәtdәn çıxmağa çalışmaq lazımdı. Ancaq aradan çıxmazdan qabaq, küçә tinlәrindә vә gәmi-klubda yığışan dostlarından hamilәliyi mәhv etmәk üçün dәrman tapmaq da vacibdi. Öz-özlüyündә aydındı ki, onun üçün әyləncә vә şirin sәrgüzәşt olan bu әlaqә İda üçün pis nəticə vermişdi.

Küçә ilә keçәrkәn qız Edvardla cürbәcür işarәlәrlə danışırdı: gah başını yellәyir, gah dirsәyilә ona toxunurdu. Qalmaqaldan qorxan İda bu günlər evdәn bayıra çıxmır, çıxanda da valideynlәri görməsinlәr deyә, özünü Uorren avenyudan Hai küçәsinә salırdı. Sümüklәri sızıldayır, bәdәni zәiflәyirdi. Daxili sarsıntılardan simasına qorxu kölgəsi hopmuş İda atasının barmağını silkәlәyә-silkәlәyә, ümumiyyәtlә, gәlәcәk üçün gəldiyi hәdә-qorxunu daha tez-tez xatırlayırdı: «Od olmasa, tüstü çıxmaz…» Ah, nә etmәli? Necə etmәli? Belә başgicәllәndirәn burulğanda heç nә etmәmәk, yalnız gözlәmәk, gözlәmәk lazımdı. Gözlәmәk isә dәhşәtli, mәşәqqәtli sarsıntılar demәkdi. Bütün bunlarla bәrabәr dükanda, evdә mәşәqqәtli iş, sevgilisini görmək üçün can atması İdanı әldәn salırdı; qızın bütün cidd-cәhdlәrinә baxmayaraq, Edvardı görmək günü-gündәn çәtinlәşirdi.

– Sәn mәnim halımı başa düşmәlisәn, başa düşmәlisәn, başa düşmәlisәn, әzizim. Mәn belә… gəzә bilmərәm, sәn bunu görmürsәn? Demişdin ki, mәni alacaqsan, elә deyil? Gör nә qәdәr vaxt keçib? Oh, mәn daha dәli olmuşam. Sәn nә isә etmәlisәn. Etmәlisәn! Etmәlisәn! Əgər atam başa düşsә, mәn nә edәrәm? Nә? Mәnim başıma bilirsәn nә oyun gətirәr? Elә sәninkinә dә! Görmürsәn necә vәziyyәtdәyәm? Görmürsәn?

Ancaq mәhәbbәt xәstәsi zavallı İdanın yalvarışları müqabilindә Hauptvencerin sakit laqeydliyi vә qәddarlığı dayanmışdı. Qoy İda cәhәnnәm olsun! O evlәnmәyәcәk! Evlәnә bilmәyәcәk. O özünü tәsadüfi tәhlükәdәn qorumalıdır. Belәliklә qәrara alındı: qәtiyyәn qızla rastlaşmamaq, onunla kәlmә kәsmәmәk, hәr şeyә hәmişәlik son qoymaq…

Gənc, tәcrübәsiz, hәlә dә Edvarda inanan İda isә bunları ağlına sığışdıra bilmirdi. Belә ola bilmәzdi. Әvvәllәr İda heç bu haqda düşünmürdü dә. Lakin Edvardın laqeydliyi hәr şeyin qurtardığını bir daha tәsdiq etdi. Görüşә gәlmәmәk, sonra üzrxahlıq etmәk. Bir gün ağrı vә hәyәcan qızın varlığına hakim kәsilәndә o, Edvardı tapdısa da, oğlan tәrәddüd etmәdәn hәyasızcasına dedi:

– Hm, mәn sәninlә evlәnәcәyimә söz vermәmişәm, bilirsәn ki, vermәmişәm. Bir dә, mәnim heç o qәdәr tәqsirim dә yoxdur. Günah özündәdir. Özün bilmәlisәn ki, nә etmәk lazımdır, məgər ona görə mәn sәninlә evlәnmәliyәm?

Birinci dәfәydi ki, onun gözlәri belә amansız idilәr. Bu ana kimi mәhәbbәtә kor-koranә inanan qızın hәslәyib çәkilmәsi üçün zәrbә kifayәt oldu. Nә üçün? Bu, necә ola bilәr? Buradakı dәhşәt. Qәzanın başlanması. Tamam karıxmış İda dedi:

– Ancaq, Ed! Ed! Sәn nә danışırsan? Nә üçün, bu, düz deyil. Bilirsәn ki, düz deyil! Sәn mәnә söz vermişdin! And içmişdin! Bilirsәn ki, mәn heç vaxt belә etmәk istәmirdim, sәn mәni mәcbur elәdin, sәn! Nә üçün… Oh, indi mәn nə edәcәyәm? Mәnim atam! Heç bilmirәm o mәnim başıma nә oyun açacaq, elә sәninkinә dә! Ah, әzizim! Әzizim!

Bütün bunlar azmış kimi, keçirdiyi fiziki vә mәnәvi sarsıntıdan qızın gәrilmiş barmaqları bir-birini sıxır, bәdәni әsir, titrәyirdi.

Hәmişәkindәn artıq özündәn çıxmış Hauptvencer qızı birdәfәlik başından elәmәk üçün qışqırdı:

– Kәs sәsini! Özün dә bilirsәn ki, mәn heç vaxt sәninlә evlәnәcәyimi demәmişәm! Demәmişәm!

O, dabanı üstә çevrilәrәk, İda gәlmәmişdәn qabaq küncdә laqqırtı vurduğu dostlarının yanına qayıtdı. Öz bәdnam fikrini müdafiә edirmiş kimi әlavә elәdi:

– Uf, bu qadınlar! Lap hәdlәrini aşıblar.

Dili belә desә dә, ürәyini qızın dumanlı baxışlarından qopan dәhşәtli qorxu bürüyürdü. Ancaq başının adamlarından biri, küçә tinlәrinin başqa bir aspirantı, çoxlu qız ürәyi fәth elәmiş Conni Martin dillәnәndә Edvardın ürәyi yerinә gəldi:

– Onu dünәn gecә dә sәni burada axtaran gördüm, Ed. Ehtiyatlı ol. Yaxın zamanlarda bu yubkalardan biri sәnin başına oyun açmasa yaxşıdır.

O, gümüş siqaret qabından sakitcә bir siqaret götürәrәk, yerindәcә quruyub qalmış İdaya tәrәf baxmadan әlavә etdi:

– Doğrudan belәdir? Hә-ә, o-la bi-lәr…

Edvard hәddindәn artıq әzabdan sonra atılmış, indi mәzlumca dayanan, getmәyә taqәti olmayan İdaya yuxarıdan-aşağı nәzәr salaraq dillәndi:

– Ax, bu almanlar! Görəsәn, hansı cayıllasa oturub-durub, indi qarnının şişdiyini görəndә mәnim yaxama әl atmaq, mәni günahlandırmaq istәyir. Ay-hay!

Sonra, iki başqa qızın onları haradasa gözlәdiyini eşidәn kimi hündürdәn sәslәndi:

– Salam, Skeyt! Hәr şey hazırdır? Yaxşı, yaxşı. Onda, indidәn tәrpәnmәyimiz yaxşıdır… Hәlәlik, uşaqlar.

Edvard cәld addımlarla uzaqlaşdı.

Yaralanmış vә ağlını itirmiş İda isә artıq yarımçılpaq olan sentyabr ağaclarının altında tәk qaldı. Sonra qalmaqallı küçә, avtomobillәrin radioları, fit sәslәri, ardı-arası kәsilmәyәn laqqırtılar, piyadaların tappıltısı, rənglәrin vә sәslәrin fonunda parıldayan axşam lampaları. Soyuqmu idi? Yoxsa tәkcә İda soyuqdan әsirdi? Edvard onu almayacaq. O, heç vaxt evlәnәcәyini vәd etmәyib. İndi necә vәd edә bilәrdi? İdanın atası nә ölçü götürәcәk – qızın görünüşü dәyişәcәk axı!

Hәrәkәtsiz dayanan İdanın nәzәrlәrindә Kral Parkındakı bütün cığırlar vә skamyalar bütöv bir panoram kimi qırmızıya çaldı – parkdakı gölün ora-burasında yırğalanan balaca qayıqlar – yay vaxtı axşamlar ağacların әtirli yarpaqları altında nazlanan hәr qayıqda bir qız, bir oğlan; bir qız, bir oğlan; bir qız, bir oğlan… Ağır yükdәn zindana dönmüş, bir yerdә yırğalanan bәdәnlәr, ehtirasdan dumanlanmış iki baş, çırpınan iki ürәk, tәngnәfәslik… Saysız-hesabsız öpüşlәr vә vәdlәrdәn sonra İdanın arzularına yalan sәpilmişdi, Edvardın sözlәrinә etibar etdiyi mәhәbbәtinә yalan çilәnmişdi, öpüşlәrә, misilsiz sәadәtlә dolu saatlara, günlərә, aylara yalan çilәnmişdi – İdanın inamı vә ümidlәri yalana bәlәnmişdi. İndi ölüm daha yaxşıdır, ölüm, ölüm…

Sonra yavaş-yavaş, yerindә saya-saya öz otağına qayıdaraq, atasının vә ögey anasının evdә olmamasından istifadә edib düşüncәlәrә qәrq oldu. Titrәtmә ilә gələn qızdırması yaxınlaşan mәşәqqәtli ağrılardan xәbәr verirdi. Birdәn onun qәlbi ömründә ilk dәfә kәskin inciklik hissi ilә doldu. Qәddarlıq! Qәddarlıq! Yalan! Edvard qıza tәkcә yalan satmamışdı, hәm dә әzab, işgəncә vermişdi. O! Cәmi beş ay qabaq öz gözlәri vә mәnalı tәbәssümü ilә İdanı axtaran Edvard! Yalançı! Heyvan! Vәhşi heyvan! Yırtıcı heyvan! Bu sözlәri ürәyindә vә dilindә tәkrar edә-edә İda hәrdәn onlara inanmamağa çalışırdı – bir aydan sonra Edvard qayıdar, iki-üç ay sonra qayıdar, onun baxışlarında elә ifadә olar ki, qızın bütün bu fikirlәri bir anda yox olar. Oh, Ed! Ed!

Gecəlәri belәcә başa vurur, dan yeri belәcә ağarırdı. Sonra uzun sürәn, qurtarmaq bilmәyәn mәşәqqәtli gün başlayırdı. Bundan sonra başqa günlər! Dәrdini demәyә dә bir kimsә yox idi. Əgər İda hәr şeyi öz analığına danışa bilsәydi… Bütün başqa günləri vә gecəlәri dә İda tәnhalıqda keçirdi. Alov saçan, ümidsiz, baş gicәllәndirәn, dağınıq fikirlәr axınında üzmәsi onu min cür şeytan işlәrinә әl atmağa sövq edirdi. Bayıra çıxanda ürәyi az qala partlamaq dәrәcәsinә çatırdı. Tinlәrdә dayanıb laqqırtı vuran hәrzә cavanlar, İdanın tanıdığı qızlar, onların düşündüklәri… Onlar tezliklә hәr şeyi bilәcәkdilәr. İdanın mәhәbbәtsiz tәnhalığı. Gözünün qarşısında yüzlәrlә fantastik ölüm rәqsi oynaşırdı.

Edvarddan eşitdiyi bütün sözlәrin ağ yalan olduğuna qәti әminlikdәn sonra da İda, onu tәzәdәn yola gətirmәyin mümkün olduğuna inanmaq istәyirdi… Oh, İdanın әziz sevgilisi. Yox, nә isә baş vermәli, Edvard sәhvini anlamalıdır. Ancaq İda çox yaxşı başa düşürdü ki, әvvәlki halına qayıtmaq üçün Edvardın heç bir sәbәbi vә ehtiyacı yoxdur. İda gözdәn iraq künc- bucaqda, Edvardın atasının kömür mәdәninә gedәn küçәnin qurtaracağında, oğlangilin mәhәllәsindә öz mәktublarına cavab gözlәyә-gözlәyә qalmışdı – sakitcә, bir bucaqdaca, әzab çәkә-çәkә, bәzәn isә tәhqir oluna-oluna gözlәyirdi.

– Nә olub məgər? Dabanbasma ardımca nә sürünürsәn? Elә bilirsәn, sәnә qulaq asmaqdan savayı dәrdim yoxdur? Yaxşı, sәnә demәmişәm ki, evlәnә bilmәyәcәyәm, demәmişәm? İndi görürsәn ki, uşağa qalmısan, mәni cavabdeh elәmәk istәyirsәn? Bu әtrafda mәn yeganә oğlan deyilәm ki. Özü dә, bunu hamı bilir.

Edvard son sözlәrini deyәrkәn qızın üzündә heç vaxt sezmәdiyi hökm vә qәtiyyәt görüb sәsini kәsdi. Vәziyyәtin çıxılmazlığı vә dәhşәti İdanı elә çuğlamışdı ki, hәtta Edvard da bunu görə bildi. Qızın sifәti kağız kimi ağardı. Gözlәrindә qığılcım saçan atәş görünürdü:

– Bu yalandır, sәn özün dә bilirsәn! Bu, düz deyil! Oh, necә dәhşәt! Belә sözü demәyi necә rәva bildin? İndi hәr şey mәnә aydın oldu. Sәn ilansan, yırtıcı heyvansan! Demәli, bütün bu vaxtı mәni axmaq yerinә qoymuşdun, hә? Heç vaxt mәnimlә evlәnmәk istәmәmisәn, indi başqa yolla yaxanı kәnara çәkmәk üçün böhtan da atırsan – başqası ilә әlaqәdә günahlandırmaq istәyirsәn. Sәn heyvansan! Adam cildinә girmiş heyvan! Heç olmazsa, dediyin sözlәri, verdiyin vәdlәri xatırla. Əgər ömrüm boyu bir başqası haqqında fikirlәşmişәmsә… Sәn özün bunu yaxşıca bilә-bilә, mәnә elә sözlәr deyirsәn.

Qızın sifәti yenә dә ağappaq idi. Hәlә onun әllәri! İdanın gözlәri qeyri-adi parıltı saçırdı, bu parıltıda ümidsizlik vә mәğlubiyyәt ifadәsi vardı. Ancaq, yenә dә, qәzәbinә baxmayaraq, bütün bu ifadәnin mәrkəzindә mәhәbbәt dayanmışdı – güclü, hәqiqi, atәşli mәhәbbәt, onun özәyi. Hәddindәn artıq işgəncә verilmiş qızın göz yaşları yumru yanaqlarıyla aşağı yuvarlanırdı.

Әsl mәhәbbәtin İdanın qәlbindә kök saldığına inansa da, Edvard qızın sözlәrinә diqqәtlә qulaq asır, öz etirazını bildirmәk üçün sәbәb olacaq kәlmә axtarırdı.

– Demәli, belә, hә? Heyvanam, hә? Yaxşı, gör bu söz sənә necә baha oturacaq, axmağın biri.

Öz xilası üçün әn әhәmiyyәtsiz sözә dә böyük don geyindirәn Edvard dabanı üstә çevrilәrәk qonşu mәhәlləyә yollandı. Bircә dәfә dә geriyә baxmadı.

Qorxu vә hәyәcanı hәddini aşan İda isә çağırırdı:

– Ed! Ed! Geri qayıt! Niyә mәni belәcә qoyub gedirsәn? Mәn dözә bilmirәm. Deyirәm ki, dözә bilmirәm! Tez geri qayıt! Eşitmirsәn?

Edvardın qәfil, laqeyd gedişi İdanı tәlatümә gәtirdi, qız oğlanın ardınca qaçdı, damarlarında qanı donmuş halda, qәribә hallar keçirә-keçirә onun arxasınca süründü. Mәsәlәnin qәlizlәşdiyini tәәccüb vә tәşviş içindә hiss edәn Edvard cəld geri dönüb çımxırdı:

– Bura bax! Ya mәndәn әl çәk, ya da başına it oyunu açaram, eşidirsәn? Mәn elә dә gicbәsәr deyilәm ki, üstümә şәr atasan. Özün özünü bәlaya salmısan, indi zәhmәt çәk, özün dә çarәsini qıl. Mәn sәnә bir şey elәmәmiş bunu rәdd elә getsin, eşidirsәn?

O, lap yaxına gәlib qıza elә hәdәlәyici vә qәddarcasına nәzәr saldı ki, aylardan bәri onu tanıyan İdanın bәdәninә qorxudan üşütmә düşdü. O tutqun, qәzәbli sifәt! O qorxulu, qәddar, amansız gözlәr! Doğrudanmı bütün elәdiklәrinә әlavә olaraq Edvard onu döymәyә dә hazırdı? Demәli, İda onu heç vaxt yaxşı tanımayıb. Sükut içindә, hәrәkәtsiz dayanaraq beynindә bu әzabların vahimәsini dolandıra-dolandıra atasını yadına saldı. Yerindәn tәrpәnmәyә iqtidarı olmadı. Hauptvencer qәzәbinin nümayişi üçün әlavә elәdi:

– Bir dә mәnә yaxın gәlmә, eşidirsәn? Əgər gәlsәn, başına xoşlamadığın bir iş gətirәcәyәm! Gәl qurtaraq, yaxşılıqla qurtaraq, anladın?

O, yenidәn dabanı üstә dönüb, cәld addımlarla bu dәfә adamla dolu olan Hai vә Uorren avenyu mәhәllәsinә üz tutdu. Axırıncı yenilikdәn ürәyi çapalayan İda isә vәziyyәtdәn çıxış yolu üçün yalnız öz cәsarәtindәn yapışmalı olacağını düşünә-düşünә oradaca qaldı. Dәhşәt! Rüsvayçılıq! Abır-hәya! İndi İdanın düşdüyü hal faciәli idi.

Bu rüsvayçılığın qarşısını almaq üçün bir müddәt sonra İda yavaş-yavaş addım atmağa başladı. Belә vәziyyәtdә atılmaq, tәrk edilmәk! Beynindә hәrlәnәn, yırğalanan mühakimәlәrdәn canını heç cür qurtara bilmirdi. Titrәyә-titrәyә yenә dә evә gәlib, sakitcә öz otağına qapıldı. Acı hönkürtülәr içindә qovrula-qovrula, süst vә hәtta hәrәkәtsiz halda düşdüyü vәziyyәti götür-qoy etdi.

Onun atası! Analığı! Əgər onlar bilsәlәr! Oh, yox! Gözlәnilәn hadisәdәn qabaq nә isә baş vermәlidir. İda çıxıb getmәlidir – ya da, ya da, yaxşısı budur – bәlkә… özünü boğsun, hә? – ya da hәyatına başqa cür qәsd elәsin – ya da – …

Әvvәllәr uşaqtәk tez-tez oynamağa getdiyi çardaqda arabir yuyulan pal-paltarı asmaq üçün köhnә ip vardı. İndi – bәlkә dә yox, bәlkә dә yox – İda bir qadının özünü belәcә boğub öldürdüyünü oxumuşdu… Yәqin ki, çardağa baxmaq heç kimin ağlına gәlmәyәcәkdi – ta… ta… yaxşı…

Ancaq… o özünü asacaq? Asa bilәcәk? Çoxlu vәdlәr verәn hәyatını düşünüb qorxurdu. Məgər bu, qorxu idi? Özündәnmi qorxurdu? Ona verilәn hәyatdanmı? Özü dә yaşamaq eşqiylә çırpınanda? Edvard ona nәsә borclu olanda ölmәk? İdaya borclu olanda, İdaya, İdaya? Yox, o belә ölә bilmәz, belә ölmәmәlidir. Belә ölüb Edvardın başqa qәlәbәlәrini asan vә sevincli etmәmәlidir. Heç vaxt! Heç vaxt! İda әvvәlcә Edvardı öldürәr, sonra özünü. Ya da әvvәlcә onu rüsvay edәr, sonra özünü, sonra isә… sonra isә…

Ancaq yenә dә onun atası! Ögey anası! Rüsvayçılıq! Vә…

Atasının dükandakı siyirtmәsindә tapança vardı, yekә, möhkәm, qara tapança. İda atasından eşitmişdi ki, onun içindә sәkkiz güllәsi var. Tapança elә ağır, elә zәhmli, elә soyuqdu ki… İda onu görmüşdü, ona toxunmuşdu, hәtta bir dәfә onu qorxa-qorxa әlinә dә almışdı. Silah ölümlә, acıq vә әdavәtlә necә dә vәhdәt yaradırdı! İndi, tutaq ki, o, Edvardı vә özünü, ya da tәkcә özünü cәzalandırmaq istәyir. Ancaq yox, bu, çıxış yolu deyildi. Bәs nә idi bu? Nә idi?

Onun keçirdiyi halı atasının duymasına vә ciddi tәrzdә son zamanlar nә baş verdiyini soruşmasına qәdәr İdanın narahat, әzablı günləri davam etdi. Atası xәbәr aldı ki, İda Hauptvencerlә sözlәşmәyib ki? Axır vaxtlar Edvard kişinin gözünә dәymirmiş. İda xәstәlәnmәyib ki? Qızın iştahı yaman korlanıb, atası görür axı. O, demәk olar ki, heç nә yemir. Hәr iki suala «yox» cavabı alandan sonra Zobel heç nә demәdi, ancaq ürәyindә kәsdirdi ki, vaxtı olan kimi bu mәsәlә ilә maraqlansın. Yәqin ki, nә isә olmuşdu, gec-tez bilinәcәkdi.

İndi, madam ki, atası da maraqlanmağa başlamışdı, bir hәrәkәt, qәrar olmalıydı. Özünü öldürmәk, tapança, Hauptvenceri tapança ilә hәdәlәmәk haqqında fikirlәr tәzәdәn beyninә girdi. İda sadәcә olaraq onu qorxudacaq, vәssalam. O, tapançanı Edvarda tuşlayıb, oğlanın özünü necә aparacağını görmək istәyirdi. Әlbәttә, İda onu öldürmәyәcәkdi. Ancaq… tutaq ki, tutaq ki, bir nişangaha, әlbәttә, Edvarda yox, doğrudan da… (ancaq, oh, yox!) Atәş sәsi, lülәdәn çıxan tüstü, öldürücü güllә, düz Edvardın ürәyinә, sonra, әlbәttә, özününkünә! Yox, yox! Onda, bәs nә etmәli? Nә?

İki gün әrzindә o, dәfәlәrlә tapança olan siyirtmәyә yaxınlaşdı, ona baxdı, nәhayәt, silahı әlinә dә aldı; mәqsәdi onu bircә anlıq әlindә saxlamaqdı…

Silah elә ağır, elә soyuq, elә zәhmliydi ki! Onun tәkcә ağırlığı qızın qәlbini tәşvişә saldı, bәlkә iyirminci cәhddәn sonra İda onu qoynunda gizlәdә bildi; tapança düz vә sakit dayandı. Bütün yay boyu tez-tez Edvardın baş qoyduğu sinәsinә tapançanın soyuğu vә dәhşәti keçdi.

Bir axşamüstü, İda tapançanın yaratdığı narahatlığa tәzә-tәzә öyrәşәndә atası yenә dә maraqlandı:

– Sәnә nә olub axı? Heç bilirsәn ki, vaxtının çoxunu nәyә sәrf edirsәn? O cavanla aranızda bir hadisә-zad olmayıb ki? Son zamanlar daha bu yanlara hәrlәnmir. Siz ya evlәnmәli, ya da birdәfәlik әlaqәnizi üzmәlisiniz. Hәr halda, istәmirәm ki, aranızda axmaq bir әhvalat baş versin…

Bu sözlәr İdanın düşündüklәrinә sürәt verdi. İndi… indi… o hәrәkәt etmәlidir. Bu axşam, lap bu axşam İda Edvardı yenә dә görər vә deyәr ki, oğlanın atası ilә danışıb, hәr şeyin üstünü açmaq fikrindәdir, əgər Edvard onunla evlәnmәsә, İda onu da, özünü dә öldürәcәk. Lap tapançanı da ona göstәrәcәkdi ki, oğlan sözlәrin ciddiliyinә inansın. Əgər İdanın cәsarәti çatsaydı, onu hәdәlәmәk dә pis olmazdı, hәr halda, Edvardı qorxutmaq axırıncı vasitә idi. Əgər birdәn, əgər birdәn o vaxt Edvard onu dinlәsә – üzünü çevirib getmәsә – qorxsa, ya da İdaya kömәk әli uzatsa – kobud söz demәsә, ya da maşına oturub aradan çıxmasa…

Aşağıda, çay körfәzinin qurtaracağında Edvardın atasının kömür mәdәni var. Orada Edvardın öz evi dә var. İda әvvәlcә mәdәnә gedә bilәr. Edvard axşam saat altının yarısında oradan çıxır, ya da altı radәlәrindә evinin hәndәvәrindә olur. Saat yeddidә vә ya sәkkizin yarısında evdәn çıxıb, hansı qızınsa görüşünә gedir. Ancaq hansı qızın? Yaxşısı budur, İda qabaqca kömür mәdәninә getsin. Edvard oradan tәk qayıdır. Bu, әn әlverişli imkandır.

Adi axşamların birindә Hauptvencer kefi kök kömür şirkәtindәn qayıdırdı. Fikri, vaxtını çox gözәl keçirdiyi, tәzә tanış olduğu qızın yanında qalmışdı. Hәmin külәkli noyabr axşamı, uzaqda elektrik lampaları sayrışanda, uzaqdakı maşınların, hәyatın sәsi eşidilәndә, düşmüş xәzan yarpaqlarını külәk torpağın üstüylә sürüyәndә Edvardın hәmişə yanından keçdiyi kәrpic qalağının arxasından çiyinlәrindәn çox tanış olan bir qız kölgəsi çıxıb, onun qarşısında dayandı.

– Ed! Sәninlә bir dәqiqәlik işim var.

– Yenә dә sәn?! Nә demişdim sәnә? Sәninlә danışmağa nә vaxtım var, nә dә hәvәsim! Nә demişdim…

– İndi qulaq as. Ed, bircә dәqiqә qulaq as. Mәn çıxılmaz vәziyyәtdәyәm. Ümidimi hәr şeydәn üzmüşәm, Ed, eşidirsәn? Məgər görmürsәn?

Qızın sәsi yavaş çıxırdı, ancaq bu sәsdә hәm inad, hәm də yalvarış duyulurdu.

– Gəldim sәnә deyәm ki, mәnimlә evlәnmәlisәn! Evlәnmәlisәn, eşidirsәn?

Qızın әlinin biri daha әvvәlki kimi soyuq olmayan zәhmli şeyin qoyulduğu sinәsinin üstündәydi. Tapança ayaqda idi. Hiss edirdi ki, onu çıxarmaq vaxtıdır, göstәrmək vaxtıdır – ya paltarın altındaca hazır saxlamalıydı ki, mәqam yetişәndә çıxarıb göstәrә bilsin, belәliklә, Edvard qansın ki, əgər evlәnmәsә… Ancaq İdanın әli elә titrәyirdi ki, silahı zorla saxlayırdı. Tapança necә dә ağır, necә dә qorxunc idi. İda öz sәsini dә zorla eşitdi:

– Ya da düz sәnin atanın yanına gedәcәyәm, sonra öz atama deyәcәyәm. Atam başıma nәsә pis iş gətirәcәk, ancaq ondan da betәrini sәninkinә gətirәr! Sәnin atan da bilsә, dinc oturmayacaq… Ancaq… hәr halda… – İda əlavә etmәk istәyirdi ki: «Sәn mәnimlә evlәnmәlisәn ki, hәr şey yaxşılıqla qurtarsın, yoxsa, yoxsa, sәni dә, özümü dә öldürәcәyәm, vәssalam», – sonra tapançanı qoynundan çıxarıb Edvardın gözlәri qarşısında oynatmaq istәyirdi.

Ancaq heç nә ilә hesablaşmayan vә heç nәyi başa düşmәk istәmәyәn Hauptvencer qәzәblә, hәdә-qorxu gәlә-gәlә onun sözünü kәsdi

– Yaxşı, özünü göstərmә! Әsәblәrini saxla! Sәn özünü nә hesab edirsәn? Nә demişdim sәnә? İstәyirsәn, get mәnim atamın hüzuruna, Özününkünә dә. Onlardan qorxan var məgər? Elә bilirsәn, onlar sәnin kimisinә inanacaqlar? Mәn sәninlә heç vaxt intim әlaqәdә olmamışam, vәssalam! – Edvard İdanın ondan qorxub gedәcәyini düşünüb qızı bәrk itәlәdi.

İda necә qәzәblәndisә, ağrıdan, hәyatı boyu görmədiyi başgicәllәnmәsindәn gözlәrindәn od çıxdı, qarşısında tünd qırmızı halqalar fırlandı. Hәr şeyin mərkəzindә Hauptvencerin sifәti durdu – İdanın sevgilisinin – ancaq indiki kimi yox, yox… – qәribә işıqla halәlәnmiş sifәti, – …baharda Kral Parkındakı ağacların altında gördüyü kimi. İda birtәhәr müvazinәtini saxlayıb özünü düzәldәrәk Edvardın qarşısına keçdi:

– Sәn mәnimlә evlәnәcәksәn, Ed! Evlәnәcәksәn! Bunu görürsәn? Mәni almalısan!

Sonra hәr ikisinin tәәccübünә vә sakitlәşmәsinә sәbәb olan alovsaçan şey bәrk sәs çıxardı, az qaldı İdanın әlindәn sıçrayıb düşsün, qız lülәni özünә tәrәf çevirmәyә macal tapmamış ikinci atәş açıldı, ala-toranda ikinci qırmızı qığılcım alovu parladı. Hauptvencer elә bil bir anlıq tәrәddüddәn sonra dillәndi:

– Aman allah! Sәn nә....

Sonra әlini sinәsinә basıb әlavә etdi:

– Oh, ilahi! Mәni vurdular!

O, İdanın ayaqları altına sәrildi.

İndi İda özünü vurmalıydı, beynindә hәrlәnәn qırmızı qığılcımlar aramsız tәkrar edirdilәr:

– İndi, bu saat özümü, özümü dә öldürmәliyәm. Öldürmәliyәm! Öldürmәliyәm! Öldürmәliyәm! Bir yerә çәkilib lülәni özümә tuşlamalıyam.

Silahı qaldırmağa iqtidarı yoxdu, deyәsәn, kimsә gəlirdi, yaxınlaşırdı, qışqırıq, addım sәslәri eşidildi. İda da qaçmağa başladı, bir ağacın, divarın, darvaza qapısının yanına çatıb dayanmaq, özünü vurmaq istәyirdi. Ancaq sәs onu dabanbasma izlәyirdi:

– E-ehey! Qı-zı tu-tuuun! Qatiiil!

Başqa tәrәfdәn özgә sәs eşidildi:

– E-hey! Qa-ti-il! O qızı saxlayın!

İda arxasında cәld addım sәslәri eşitdi, onun özündәn asılı olmayaraq hәlә dә tapança tutan әlini kimsә bәrk burdu:

– Silahı ver!

Sonra İdanın heç vaxt görmədiyi, Eddiyә dә bәnzәmәyәn qamәtli gənc, qızla üzbәüz dayanıb onu silkәlәdi:

– Bura bax! Bu nәdir, hә? Qayıt geriyә! Aradan çıxa bilmәzsәn!

Eyni zamanda tanış olmayan başqa nәzәrlәr İdaya dikildilәr, güclü әllәr qızı dartışdırırdılar. İda qışqırırdı:

– Oh, buraxın mәni! Buraxın mәni! Mәn dә ölmәk istәyirәm, eşidirsiz? Ölmәk istәyirәm! Buraxın mәni!

Qız әsim-әsim әsir, hönkürürdü.

Bir anda onun başına o qәdər adam yığıldı ki – kişilәr, qadınlar, qızlar, nәhayәt, polis nәfәri dә gəldi, hәrә öz mühakimәsi ilә baş vermiş hadisә haqqında daha әtraflı mәlumat toplamağa çalışırdı; hamı yaralı oğlanın tәcili xәstәxanaya, qızın isә yaxınlıqdakı polis idarәsinә aparılmasına baxmağa can atırdı. Faciәni törәdәnin vә yaralının adları vә ünvanları mәlum deyildi. Hәyәt qapısının pillәsindә oturdulmuş, nәfәsi zorla gələn zavallı İdanın başına toplaşanlar anbaan artır, izdihamdan qızın qulağına bәzi sözlәr çatırdı:

– Harada? Nә? Necә?

– Әlbәttә, әlbәttә! Lap indicә, bax, orada, sağ tәrәfdә, hә, әlbәttә, tәcili yardım çağırılıb.

– Deyәsәn, oğlan payını alıb. Sinәsinә! İki güllә! Ölәr…

– O-ho!.. Oğlan tamam al qan içindәdir ki!

– Әlbәttә, qız vurub. Tapança ilә, özü dә yekә bir tapança ilә. Silahı polis götürdü. Qız aradan çıxmağa çalışırdı. Hә, hә, Cimmi Әllen onu tutub. Cimmi evinә gedirmiş, birdәn…

– Oho! Bu, yuxarıda, Uorren avenyuda rəng mağazası olan qoca Zobelin qızıdır ki! Mәn onu tanıyıram. Oğlan isә kömür mәdәninin sahibi Hauptvencerin oğludur. Mәn o mәdәndә işlәyirәm. Oğlan Qrey-stritin yuxarısında yaşayır.

Bu vaxt huşsuz halda Mersi xәstәxanasının cәrrahiyyә stoluna uzadılmış Edvardın vәziyyәti ümidsiz idi, onun әn çoxu iyirmi dörd saatlıq ömrü qalmışdı. Ata-anası xәbәri eşidib xәstәxanaya tәlәsirdi. Eyni vaxtda әzabkeş İda yaxınlıqdakı Henderson avenyu polis mәntәqәsindәki istintaq otağında polislәr vә әdliyyә işçilәri tәrәfindәn sorğu-suala tutulmuşdu:

– Deyirsәn ki, o cavan oğlanı bir il qabaq gormusәn? Bu düzdür? Tanışlığınızdan az әvvәl o, qonşuluqdakı evә köçmüşdü? Elәdir?

Kәdәr dәryasına qәrq olmuş, yarıhuşlu İda başını tәrpәdәrәk tәsdiq edirdi. Bayırda isә azarkeşlәr, maraqlananlar izdihamı bir uğultu salmışdı ki! Qәşәng bir qız! Cavan oğlan can verir! Arada nә isә cinsi mәsәlә var! O söz…

Zırpı polis nәfәri tәrәfindәn mәlumat alan Zobel vә arvadı rәnglәri qaçmış halda stansiyaya cumurdular. Aman allah! Aman allah! Hәr ikisi tәngnәfәs idi. Alnı vә әllәri tәr içindә olan Zobel az qala boğulur, ürәyini yeyәn vahimәli sirr haqqında düşünürdü: «Nә!? Onun İdası kimi isә güllәylә vurub? Gənc Hauptvenceri? Küçәdә, oğlanın iş yerinin yanında. Qәtl! Pәrvәrdigara! Demәli, aralarında nәsә olubmuş. Olubmuş! Olubmuş! Ancaq necә olub ki, Zobel heç nә bilmәyib? İdanın solğun bәnizi! Son günlər onun tutqun, tәnha halları! Qızın zahirindәn hәr şeyi oxumaq olardı. Demәk belә, şeytanlar! İblislәr! Demәk belә! Hәştad min dәfә lәnәtә gәlmişlәr. Onun İdaya dediyi sözlәrdәn, nәsihәtlәrdәn sonra. Onun vә arvadının qızın qayğısını çәkmәlәri. Hәlә qonşular! Zobelin xırda-xırda çax-çuxu! Polis! Açıq mәhkәmә! Hәbs olunmaq – edam tәhlükәsi! İlahi! Onun öz qızı da belә. Ah, o şux geyimli, qamәtli әclaf! Nә üçün, nә üçün Zobel ilk dәfә qızına onunla gəzmәyә icazә verdi? Axı, qızın әhvalı pis olanda Zobel hәr şeyi anlaya bilәrdi. O haradadır? Aman allah! İlahi! Bu dәhşәtdir!»

Solğun bәnizli, tutqun baxışlı İda orada oturmuşdu; Zobel onun ifadәsiz baxışlarını, qansız, tәbәssümsüz sifәtini gördü, sәsini eşitdi:

– Hә, onu mәn öldürdüm. Bәli! Bәli! O mәnimlə evlәnmәyәcәkdi. İstәsәydi evlәnәrdi, ancaq evlәnmәyəcәkdi… vә mәn… – sonra әllәrini qәmgin, ümidsiz halda yellәyib ağladı. – Oh, Ed! Ed!

Zobel qışqırdı:

– Ax, ilahi! İda! İda! Allah xatirinә, bu, belə ola bilmәz. Niyә mәnә demәmisәn? Niyә mәnә yaxınlaşmamısan? Atan deyilәm məgər!? Hәr şeyi başa düşәrdim. Әlbәttә! Әlbәttә! Mәn onun atasının yanına gedәrdim, onun atasının. Ancaq indi – bu – vә indi… – Zobel әllәrini ovxalamağa başladı.

Onun beynini mәşğul edәn әsas mәsәlә bu idi ki, indi bütün alәm bu biabırçılıqdan xәbәr tutacaq… Onun bütün cidd-cәhdlәrinә baxmayaraq, axırı belə oldu… O, bildiklәrini hündürdәn növbәtçi leytenanta, müstәntiqlәrә, polis işçilәrinә danışmağa başladı. Zavallı İda bir qәdәr özünә gələndәn sonra gözlәrinə inanmadı: «Doğrudanmı, bu onun atası idi? O, kömək etmәk istәyirdi?» İda onun yanına gәlmәliydi… nə üçün… qız fikirlәşәndә ki… fikirlәşәndә ki… atası onun bu halına dözmәyәcәk Ancaq… bir azca sonra… Ed yenidәn onun fikirlәrini alıb apardı. O dәhşәtli sәhnә! O dәhşәtli hadisә! Doğrudan da İda onu vurmaq fikrindә deyildi. Deyildi! Deyildi! Yox! O, doğrudanmı ölüb?! Onu doğrudanmı İda öldürüb? O atәş – yara – o sözlәr! Ancaq yenә dә… Ah, әzizim! Ah, әzizim! Sonra İda sәssizcә, ürәkdәn gələn hönkürtülәrә qәrq oldu: Zobel vә arvadı isә qızın yanında diz çöküb, ilk dәfә әsl sәmimiyyәtlәrini göstәrdilәr. Hәyatın mürәkkәbliyi! Dәhşәtlәri! Bu dünyada heç kimә sakitlik yoxdur – sakitlik yoxdur. Hәr şey dәlilik, әsl dәlilik vә peşmanlıqdır. Ancaq indi Zobel vә arvadı İdaya arxa olacaqlar – bәli, bәli.

Sonra mәtbuat işçilәri hücum çәkdilәr. Qәzetlәrdәn gəlmiş kişi vә qadın jurnalistlәr, illüstrasiya rәssamları, fotoqraflar. Qәzetlәrdә başlıqlar: «On yeddi yaşlı gözәl qız iyirmi bir yaşlı sevgilisinә atәş açır», «Etibarsız çıxmış oğlanın ürәyinә iki güllə», «Ana olmaq әrәfәsindәdir», «Oğlan ölümlә әlbәyaxadır», «Qız öz tәqsirini boynuna alır», «Tәfsilat hәlә mәlum deyil», «Hәr ikisinin valideynlәri ümidsiz vәziyyәtdә».

Səhәrisi axşamtәrәfi Hauptvencer qızı aldatdığını etiraf edәrәk ölәnә kimi qәzetlәr bu hadisәyә sütun-sütun materiallar hәsr etdilәr. İş qәtllә әlaqәdar olduğu üçün Baş Mәhkәmә dәrhal vәkilsiz işә başladı. Qızın yeniyetmәliyi vә mәsәlәnin hisslәrlә әlaqәsi olduğundan nazirlәrdәn, ictimai vәzifә daşıyan kişi vә qadınlardan, sıravi adamlardan qәzetlәrә mәktublar axışmağa başladı; onlar izah edirdilәr ki, səhv edәn qız ana olmağa hazırlaşır, özü dә, oğlanı başqa sәbәbdәn deyil, çox sevdiyindәn öldürmüşdür – ağıllı hәrәkәt etmәsә dә – ağır cәza verilmәsin – bağışlansın – vәkil tutmaq hüququ verilsin. Dünyada heç bir ölkәnin mәhkәmәsi onu günahlandırmaz. Qoy Amerika da әfv etsin. Hәqiqәtәn, onsuz da hәddindәn artıq әzab çәkmiş qıza hәr hansı mәhkәmә tәrәfindәn «әlavә cәza» vermәk «ağır olar». İctimai mövqeyi çox yaxşı mәlum olan İda Zobelә vәkildәn istifadә etmәklә elә şәrait yaratmaq lazımdır ki, bir evdә vә ya başqa rahat guşәdә hәyata vәsiqә alacaq günahsız mәxluqun qarşısında öz analıq borcunu yerinә yetirsin; yaxşı vәkil tәrәfindәn müdafiә olunarsa, qızı öz evinә buraxmaq olar – orada qız öz yükünü yerә qoyar vә bu, onun gәlәcәk taleyini hәll edәr.

Belәliklә, böyük tәәccübünә baxmayaraq, nәhayәt İda bәraәt qazandı; onun vәkili, orta yaşlı, solğun bәnizli, mülayim sәsli, xoşsifәt qadın ilk gündәn hakimlәri inandırdı ki, İda hәr şeyi anlayır – qızın ürәyi sındırılıb – İda heç vaxt hәyәcan vә narahatlıq keçirmәmәlidir; hәmin qadın İdanı mərkəzi vilayәt hәbsxanasının cәngindәn qurtardı. Vәkilin zaminliyi ilә qıza şәhәrin sәfalı guşәlәrindәn birindә otaq verdilәr. Oradakı şәrait, ehtiyacı olan hәr şey, xidmәt, xidmәtçi vә qulluqçular, istәdiyi vaxt yemәyinin otağa gətirilmәsi, sakitlik vә rahatlıq… Bunların hamısına İda çox tәәccüb etdi. İstәdiyi vaxt öz valideynlәri ilә görüşә bilәrdi. Ancaq İda atasının vә analığının yanında özünü çox narahat hiss edirdi. Düzdür, onlar haçan gəlirdilәrsә gәlsinlәr, İda ilә çox mehriban danışır, qıza qayğı göstәrirdilәr. Onların söhbәti hadisә baş verәndәn sonrakı yeniliklәrdәn olurdu; böhranın sovuşduğundan, doğulacaq körpәdәn, sonra yenidәn işә başlayacaq mәhkәmәdәn söz salırdılar. Yeni salınmış mәhәllәdә tәzә mağaza açılacaq, Zobeli ora satıcılığa dәvәt edirlәr. Sonra… ondan sonra yәqin ki, rahatlıq olacaq, vәziyyәt yüngülləşәcәk. Ancaq, mәgәr atası danışanda İda onun çiyinlәrinә düşәn ağırlığı gözlәrindәn oxuya bilmirdi? Qız günaha batmışdı. O, adam öldürmüşdü. Sakit alış-verişlә çörәk pulu çıxaran, beş-üç adamın arasında hörmәti olan valideynlәrini, ictimai sәviyyәsi pis olmayan daha iki valideyni bәdbәxt etmişdi. Zobeli bu kökә salmağa ehtiyac var idimi? Onun vә ögey anasının davranışlarındakı çürüklüyü İda duysaydı hiss edәrdimi ki, ehtiyac var imiş?

İndi, onun sәhhәti bir qәdәr qaydasına düşdüyündәn, mәhәbbәtә olan birbaşa münasibәti sayәsindә yaranmış izahedilmәz vәziyyәti haqda düşünmәyә icazә verilirdi. Valideynlәrinin onun başına fırfıra kimi fırlanmaları vә özlәrini bu bәdbәxt hadisәdәn qabaqkı kimi aparmaları әn tәәccüblü fәrq idi. Onun vә balasının gәlәcәyi üçün nәzәrdә tutulan rahat ev diqqәtli vә hәrtәrәfli qayğı ilә әhatә olunsa da, bu, İdaya qorxulu vә dәhşәtli görünürdü. İda kimi mәrhәmәtli vә könlütox qızda yaranmış bu qәribә vә izahedilmәz münasibәtә sәbәb hәr şeyin onun tutduğu günah vә ayıb işin müqabilindә belә tәmtәraqlı edilmәsi idi.

Bir dә ki, onun üçün burada vә ya başqa bir yerdә rahatlıqmı olacaqdı? Oh, dәhşәtli hadisәnin davamı olan daha dәhşәtli mәşәqqәt! Onun Edvardının qısqırığı! Ölümü! Özü dә, İda onu dәlicәsinә sevәndә! Sevәrkәn! İndiki kimi! Edvard nә qәdәr inadcıl, qәddar, әzazil olsa da, İdanı birdәfәlik tәrk etmişdi. Ancaq indi, indi – Edvard birdәfәlik gedəndәn sonra – ölüb gedəndәn sonra, onun sözlәri İdanın qulaqlarında yenidәn sәslәnmәyә başladı; әvvәlcә Edvard qıza «bağlanmışdı», sonra İda onu «dәli etdi», ancaq sonra, öz valideynlәrinә vә İdanın valideynlәrinә görə Edvard qәrara aldı ki, onunla evlәnmәyәcәk. Bütün bunların müqabilindә İdanın qәlbindә yenә dә ona qarşı mәrhәmәt vardı. Edvard qәddarlıq etdi. Ancaq… məgər o ölmәyib? Özü dә, İdanın әliylә ölmәyib? Oh!.. İda öldürdü! Ah! Ah! Ah! Hadisәnin hәqiqәtәn baş verdiyini yәqin etmәk üçün İda kimdәnsә eşitdiyi qışqırığı tez-tez yada salırdı: «Oğlan al qanına boyanıb». Ah! Ah! Ah! Ancaq, alatoranda Edvardın qarşısını kәsәndә qızın qәlbindә bir anlığa qәzәb vә nifrәt hissi oyanmışdı. Oh!.. Edvard isә qışqırdı: «Oh, ilahi! Mәni vurdular!» (Onun Edvardının fәryadı!)

Belәliklә, yaxşı döşәnmiş otaqda, istәdiyi vaxt әmrinә müntәzir qulluqçu dayansa da, isti, sakit göz yaşları vә heç kimin görmәk vә eşitmәk arzusunda olmadığı dәrin, iniltili hönkürtülәr, fikirlәr, düşüncәlәr, tutqun, çılpaq xәyallar – ehtiyac hissi, cәngavәrlik atәşi gün boyu davam edirdi. Axı o qorxunc axşam İda öz hәyatına da asanlıqla son qoya bilәrdi. İndi isә mәhkәmәyә söz vermişdi ki, tәlәsik heç bir addım atmayacaq, hәyatına qәsd etmәyәcәk. Ancaq, bәs gәlәcәk? Gәlәcәk. O dәhşәtli axşamdan sonra İda nә görməyib. Edvardın ata-anası istintaqa cәlb olunublar. İlahi, onlar İdaya necә baxırdılar? Edvardın atasının әzab duyulan әzәlәli, tökmә alman sifәti. Çuxura düşmüş gözlәrinin altı tuluqlamış, bәstәboy, qara geyimli missis Hauptvencer. Elә hey sәssizcә ağlayan ana. Hәr ikisi and içirdi ki, Edvardın hәrәkәtlәri barәdә heç nә bilmirmişlәr, onun bu qıza olan marağından xәbәrlәri yox imiş. Edvard dikbaş, müstәqil, rahatlıq bilmәyәn oğlanmış. Onunla bacara bilmirmişlәr. Ancaq Edvard heç dә pis uşaq deyilmiş, dikbaş, yekәxana olsa da, işlәmәyi sevirmiş – onların yeganә balaları.

Ucsuz-bucaqsız yer üzünün bir guşәsindә indi yarpaqları tökülmüş piramida şәkilli bәzәk ağaclarının arasında qışın soyuğundan suyu donmuş bir fәvvarә var. Onun bürüncü dalğalarında yuyunan postamentinin üzәrindә dümdüz, xәyallar alәmindә, gənclik vә mәhәbbәtin ağuşunda bulunan, uzun qızılı saçlı alman gözәli dayanıb. Qızın ayaqları yanında, dizlәri üstә cәngavәr Lorel tipli, mülki paltarlı, әzәlәli, xurmayı saçlı alman sevgilisi – başı tez-tez qollarını belinә doladığı gözәlә tәrәf qalxan inadcıl, sirayәtedici baxışlı oğlan. Oğlanın xurmayı saçları üzәrindә qızın sağ әli, qızın ac, әsir düşmüş gözlәri. Ah, Edvard! Ah, mәhәbbәt! Bahar! İda daha buralara gәlmәmәlidir…

Güclü külәklәri vә qasırğaları ilә seçilәn dekabr axşamları bir-birini әvәz edir, qız tәzәdәn hәmin yerә baxmaq ehtiyacı duyurdu. Bәzәn yanvarın aylı gecәsindә belә İda bura gəlir, Kral Park gölünü xatırlayırdı. Orda-burda yırğalanan balaca qayıqlar. Onlardan birindә İda vә Edvard. İda uzanmış vә xәyala dalmış halda – bax indi, bax indi, indi o ağacın dibindәki qız kimi. Oğlan… oğlan qızın dizlәri yanında. Yәqin ki, oğlan qızı incidir. Edvard da bir vaxtlar belәcә laqeyd, qәddar hәrәkәtlәri ilә İdanı incidirdi. Ancaq o, vaxtilә İdanı sevirdi. Sevirdi, sevirdi… Bәdbәxt İda belә düşünәrәk ruhi sakitlik tapırdı.

Hәr şeyin başında isә öz qayğıları vә әzabları ilә uşaq dururdu. Sonra tәcili mәhkәmә çağırıldı vә İda bәraәt qazandı. Әdalәtli hökm! İda ictimaiyyәt tәrәfindәn alqışlandı, baş vermiş hadisәlәr sevgi macәrası vә mәhәbbәt dramı adlandırıldı. Yaxşı döşәnmiş otaqlarla vә qulluğunda duran dәstә ilә İda vidalaşdı, hәyәcanlı olsa da, problem qanuni yolla hәll edildi. İdanın atası kasıb deyildi, şәhәrin tәzә mәhәllәsindәki evinin vә tәzә dükanının sayәsindә bütün hәyatını yenidәn qurmaq barәdә düşünürdü. Uşaq oğlan idi. Bu, çox yaxşıydı; böyüyәndә özü özünә gün ağlayacaqdı. Onun İdaya ehtiyacı olmayacaqdı. Tәzә rəng mağazası başqa izdihamlı küçәyә, başqa kinoteatra yaxın idi. Başqa yerlәrdә olduğu kimi, tinlәrdә dayanmış oğlan vә qızlar görünürdü, onlar qol-qola gedirdilәr. – …İda әvvәlki kimi biş-düş edir, tikiş tikir, sil-süpürlә başını qatırdı. Missis Zobel ilә әvvәlki rәftarı yenә dә davam edirdi. İda onun hәyatına düyün salmamışdımı? Nәyә görə belә idi? Deyәsәn, әbәdi olaraq belәcә davam edәcәk. Qaşqabaqlı olmasına baxmayaraq, Zobel nәvәsinә qayğı ilә yanaşırdı. İlahi, necә dә mәnasız hәyat idi!

Ancaq Kral Parkındakı göl vә köhnә mәhәllә uzaqlarda idilәr. İdanın xәyalları tez-tez uçub oralara qonurdu. Keçәn yay İda necә dә xoşbәxt idi! Bu yay isə… Başqa yaylar da gәlәcәk – bәlkә bir qәdәr sonra – balaca Erik böyüyәndә – başqa bir oğlan da tapılacaq – heç nә ilә maraqlanmayıb, evlәnmәk tәklif edәn başqa birisi. Ancaq, yox-yox, elә yox! Heç vaxt! İda belә istәmirdi. Belә fikri qәbul edә bilmirdi, etmәyәcәkdi.

Nәhayәt, bir şәnbә axşamı o, Erikә bәzi şeylәr alacağının bәhanәsi ilә evdәn icazә alıb, şәhәrin mәrkəzinә, әslindә isә Kral Parkına üz tutdu. Orada yenә dә balaca qayıqlar, tanış cığırlar var idi – kolların vә ağacların dibindәki xәlvәt guşәlәrә aparan cığırlar. İda bunları necә dә yaxşı tanıyırdı! Burada, bax burada İda tәlatüm içindә, hәm dә utandığından yerә girә-girә buraxılmasını israr elәmişdi, demişdi ki, o, evә tәk dә gedә bilәr. İda hәlә dә hәmin halları keçirirdi.

Dünya belә şeylәri anlamır. O qәdәr başqa-başqa işlәrlә mәşğuldur ki dünya…

Toran çökdü, İda geri qayıtmalıydı. Onun oğlu! O, anasını itirәcәk. Xәfif külәk әsәrәk qәrb tәrәfdәn ilıq hava gətirdi. Sonra ulduzlar göründülәr. Bütün aləm şam yemәyinә oturdu. Park boşaldı. Burada su elə sakit, elә şәffaf idi ki! (Eh, dünya, dünya, o heç vaxt anlamayacaq, anlayacaq yәni?) Edvard harada olacaq? O, haradasa İdanı qarşılayacaqmı? Salamlaşacaqmı onunla? Əgər tәsadüfәn İda onunla görüşsә, hәr şeyi ona danışsa, görəsәn Edvard qızı bağışlardımı? (Dünya – mәşğul, sәrt, laqeyd, quru dünya nә qәdәr dә az bilir!)

İda dinmәz-söylәmәz kölgəlikdәn keçәrәk ötәn yay lәkələndiyi hәmin qayığın sahili döyәclәyәn burnuna sarı getdi. Yavaş-yavaş addımlayaraq suya girdi – su әvvәlcә dizinә, sonra qurşağına, sonra sinәsinә çatdı – mehriban-mehriban, sığal verә-verә – sonra dodaqlarına, daha yuxarı qalxdı; qız sakitcә, lakin inamla addım atıb, sәssiz-sәmirsiz suya qәrq oldu.

Dünya belә şeylәri başa düşmür. Hәyatın təkəri çox iti fırlanır. Çox gözәl, dәhşәtli hadisәlәr böyük qarışıqlıqda diqqәti cәlb etmәdәn, gözә dәymәdәn gәlib keçir.

Ancaq, qızın meyiti tapıldı. Onun hekayәti böyük, işıqlı başlıqlar altında qәzetlәrdә dәrc edildi («Edvard Hauptvencerin qatili İda Zobel özünü öldürmüşdür!») Vә sonra… vә sonra… unuduldu.

A. KONAN DOYL
TOR KÖRPÜSÜNÜN SİRRİ

«Koks vә korporeyşn» bankının zirzәmisindә hansı küncdәsә üstündә mәnim adım yazılmış köhnә çanta olmalıdır. Orada belә yazılıb: «Con H. Uotson. Hәkim, hind ordusunun keçmiş hәrbi xidmәtçisi». Çanta müәmmalı hadisәlәr haqda qeydlәrlә doludur; bunlar Şerlok Holmsun haçansa apardığı tәhqiqatlar barәsindә yazılardır. Çox maraqlı olan bәzi işlәr tam uğursuz qurtardı, heç o barәdә yazmağa dәymәz: üstü açılmamış cinayәt işi yalnız tәhqiqat sahәsinin әmәkdaşları üçün maraqlı ola bilәr, oxucuya isә heç bir xeyir vermәz. Bu cür xitam verilmәmiş işlәrdәn mister Ceyms Filimorun әhvalatını göstərmәk olar: çәtiri üçün evә qayıdan mister Filimor birdәfәlik yoxa çıxmışdı.

«Alisiya» katerinin tarixçәsi dә maraqlıdır. Bir axşam kater dumanlı zolağa daxil olmuş vә hәmişәlik itmişdi – nә kater, nә dә onun ekipajı haqda heç kim heç nә eşitmәmişdi.

Aysedor Persanonun әhvalatı da qәribәdir: mәşhur jurnalist vә duelçi Persano öz sözünün badına getmişdi – o, ağzından qaçırıbmış ki, hәmişә әlindә gəzdirdiyi kibrit qutusunun içindә elmә indiyәcәn mәlum olmayan bir maddә var…

Belә «qәribә işlәrdәn» әlavә, ailә mәsәlәlәrindәn elә hadisәlәr var ki, onlar çox gizli, intim münasibәtlәrә toxunur; elә әhvalatları qәlәmә almaq varlı-karlı ailәlәrdә dava-qalmaqala sәbәb olardı. Buna heç bir ehtiyac görmədiyindәn, yәqin ki, mәnim әziz dostum elә qeydlәrini cırıb tullayacaqdı.

Az-çox maraqlı olan bir qism hadisә barәdә әvvәllәr dә yazardım, ancaq oxucuları tәngә gətirmәmәk, yormamaq üçün bu fikrimdәn vaz keçmişdim.

Özüm dә bәzi hadisәlәrin açılmasında iştirak etdiyimdәn, onlar barәdә şahid kimi danışa bilәrәm. Aşağıdakı әhvalat belәlәrindәndir.

…Külәkli oktyabr günü idi. Geyinib, evimizin arxasındakı tәnha ağacdan külәyin qopartdığı son yarpaqların havada oynaşa-oynaşa uçmasına tamaşa edirdim. Sәhәr yemәyi üçün aşağı enәndә düşünürdüm ki, dostumu dilxor görəcәyәm; pis hava onun әhvalına tәsir edirdi. Әksinә, dostum çox yaxşı әhvalla sәhәr yemәyini başa vururdu.

– Әlinә işmi düşüb, Holms? – xәbәr aldım.

– Gördüyündәn düzgün nәticә çıxarmağın tәqdirә layiqdir, Uotson, – o cavab verdi. – Sirrimi başa düşdün. Hә, әlimә bir iş düşüb. Bir aylıq xırda-xuruş hadisәlәrdәn sonra fәlәyin çәrxi tәzәdәn dönüb.

– Bu işdә mәn dә iştirak edә bilәrәmmi?

– Hәlәlik yox. Tәzә aşpazımızın bişirdiyi iki yumurtanı ötür getsin, sonra birlikdә götür-qoy edәrik. Yumurtanı necә bişirmәk mәsәlәsi «Ailә qәzeti»ndә geniş izah edilib; dünәn özüm oxumuşam. Yumurta qaynatmaq kimi adi mәsәlәyә dә böyük don geyindirib qәzetә yazırlar. Mәtbuatda çıxan maraqlı romanlardan sonra belә boş şeylәri oxumağa dәyәrmi?

On beş dәqiqәdәn sonra süfrәni yığışdırdılar vә biz tәk qaldıq. Holms cibindәn bir mәktub çıxartdı.

– Qızıl kralı Neyl Gibson barәdә eşitmisәnmi?

– Amerika senatorunu deyirsәn?

– Hә, onu. Haçansa qәrb ştatlarından birinin senatoru olub, ancaq bütün dünyada qızıl sәnayeçisi kimi tanınıb.

– Bilirәm. Bir müddәt İngiltәrәdә dә yaşayıb, adı çox mәşhurdur.

– Ay sağ ol. Beş il qabaq Hempşirdә yaxşı torpaq sahәsi dә alıb, bax, o. Yәqin ki, onun arvadının müәmmalı ölümü barәdә eşitmisәn.

– Әlbәttә. Yadıma düşdü ki, onun adı niyә mәnә tanışdır. Düzü, hadisәnin tәfәrrüatını bilmirәm.

Holms stolun üstündәki kağızı göstərdi:

– Ekstrakt alınması barәdә kimyәvi tәcrübәlәrim hәlә qurtarmayıb, bu iş dә bu yandan; ilk nәzәrdәn qeyri-adi görünür, ancaq mәncә, düyünü açmaq çәtin olmaz. Sübutlar göz qabağındadır – ekspertlәrin dә, polisin dә fikri qәtidir. İndi iş Vinçesterdәki sәyyar mәhkәmәnin әlindәdir, deyәsәn, әdalәtsiz aparılır. Bәzi faktlar tapa bilәrәm, ancaq ittihamı dәyişmәyә gücüm çatmaz. Əgər әlimizә yeni faktlar keçmәsә, heç bilmirәm ki, mәnim qonağım nәyә ümid bәslәyә bilәr.

– Sәnin qonağın?

– Ah, sәnә danışmağı unutmuşam, Uotson. Deyәsәn, sәnin hadisәlәri axırdan danışmağa başlamaq adәtin mәnә dә keçib. Yaxşısı budur, әvvәlcә bunu oxu.

Mәktubu mәnә verdi. Tәmiz vә aydın xәtlә yazılmışdı:

«Kleric» mehmanxanası, 3 oktyabr.

Hörmәtli mister Şerlok Holms.

Dünyada әn gözәl bir qadının ölümә getmәsinin şahidi olmaq mәnim üçün çox çәtindir. Әlimdәn gәlәn hәr şeyi edәrәm, tәki o, xilas olsun. Heç bir sübutum yoxdur, ancaq qәti әminәm ki, miss Rәnber günahkar deyil. Faktlar Sizә mәlumdur – onlar kimә mәlum deyil ki? Bütün İngiltərə yalnız bu barәdә danışır. Әdalәtsizliyә baxın ki, bir nәfәr dә onu müdafiә etmir. Bu qadın heç qarışqaya da qıymaz.

Bir sözlә, sabah saat on birdә Sizin yanınıza gəlәcәyәm. Görək bu dolaşıq mәsәlәdәn bir şey aydınlaşdıra bilәcәksinizmi? Hәr halda, әlimdә nә varsa, hamısını Sizә verә bilәrәm, tәkcә onu xilas edin, Yalvarıram Sizә, bütün güc vә bacarığınızı sәrf edin.

Böyük hörmәtlə: C. Neyl Gibson,

– Hә, bax, – deyә Şerlok Holms sәhәr yemәyindən sonra çәkdiyi çubuğun külünü boşaldıb, tәlәsmәdən tütünlә doldurmağa başladı, – indi mәhz bu centlmeni gözlәyirәm. Vaxt az olduğu üçün, bir-iki kәlmәylә sәni mәsәlәdәn agah edim. Bu adam kalan pulu olan kapitalistdir. Mәncә, hәdsiz dәrәcәdә qeyzli vә kinlidir, Ölәn qadın onun arvadıydı – mәrhumә haqqında heç nə bilmirәm, tәkcә bu mәlumdur ki, onun gəncliyi çoxdan keçmişdi. Mәsәlә bir dә orada qәlizlәşir ki, onlar iki uşağının tәhsil vә tәrbiyәsini çox gənc vә gözəl bir qıza hәvalә ediblәr. Bax, qәdim ingilis torpağındakı müәmmalı hadisәnin iştirakçıları bu üç nәfәrdir.

– İndi dә faciә barәdә. Meyit evdәn tәqribәn yarım mil aralı olan parkda tapılıb. Öldürülmüş qadın şam yemәyi üçün geyinib, çiyninә şal örtübmüş. Yaxın mәsafәdәn tapançadan atılan güllə onun başını deşәrәk keçib. Meyitin yanında heç bir silah vә iz yoxdur. Fikir ver, Uotson, heç bir silah. Güman ki, cinayәt axşamtәrәfi törәdilib, meyiti isә bağban saat on bir radәlәrindә görüb. Hәkim vә polis ölünü müayinə etmiş, sonra meyit evә gətirilmişdir… Mәn qısa danışdım, ya hәr şey sәnә aydındır?

– Tamamilә aydındır. Bәs tәrbiyәçi qızdan niyә şübhәlәnirlәr?

– Çünki bir-iki sübut var: bir gülləsi atılmış tapança tәrbiyәçinin paltar şkafından tapılıb. Atılmış güllənin kalibri hәmin tapançaya uyğun gәlir.

Holms nәzәrlәrini bir nöqtәyә zillәyib tәkrar etdi:

– Pal-tar… şkafının… di-bin-dәn… – Sonra dostum fikrә qәrq oldu, başa düşdüm ki, ona mane olmaq yaramaz.

Birdәn o, yenә hәrәkәtә gəldi:

– Hә, Uotson, tapançanın tapılmağı karlı sübutdur, hә? Ekspert vә polis belә düşünür. Bir dә, ölmüş qadının ovcundan axşam hәmin yerdә görüşmәyә çağıran mәktub tapılıb; mәktubu da tәrbiyәçi qız yazıb. Bәs necә? Qәtlin motivlәri dә aydındır, senator Gibson varlı-karlı adamdır, əgər arvadı ölsә, senatorun çoxdan xoşuna gələn gənc xanımdan savay onun yerini kim tutardı? Mәhәbbәt, pul, hakimiyyәt yolunda isә Gibsonun gəncliyi keçmiş arvadı dururdu. İşlәr pisdir, Uotson, çox pisdir.

– Hә, dostum, elәdir.

– Tәrbiyәçi qız etiraz üçün söz dә tapa bilmir. Әksinә, deyir ki, tәqribәn qәtl vaxtı o, mәhz Tor körpüsünün yanında olub. Faciә isә körpü üstündә baş verib. Bu faktı tәkzib etmәk olmaz, çünki oradan keçәn bir neçә kәndli tәrbiyәçini körpü yanında görüb.

– Hә, mәsәlә aydındır.

– Ancaq, Uotson, gәl, nәticә çıxarmağa tәlәsmәyәk. Baxaq görək, nә var, nә yox. Haqqında danışılan körpü daşdan tikilib, hәr iki yanı mәhәccәrlidir. Körpü dәrin gölün әn dar yerindә qurulub. Qadın körpünün başlanğıcında uzanıb qalmışdı. Faktlar belәdir… Ancaq… bu nәdir? Sәhv etmirәmsә, bizim qonaq dediyi vaxtdan çox qabaq gәlib.

Holmsın xidmәtçisi Uilli qapıda göründü, ancaq onun dediyi ad ikimizә dә namәlumdu:

– Mister Merlou Beyts.

Qәribә hәrәkәtli çәlimsiz bir vücud qarşımızda dayandı. Peşәkar hәkim olduğumdan, mәnә elә gəldi ki, bu adamın әsәb sistemi tamam korlanıb.

– Siz, deyәsәn, azmısınız, mister Beyts, – Holms dedi. – Rica edirәm, әylәşin. Sizә sәrf etmәyә vaxtım çox azdır; saat on birdә başqası ilә görüşmәliyәm.

– Mәn bu barәdә bilirәm. – Tәzә gələn kәsik-kәsik dillәndi, elә bil danışmaq üçün nәfәsi çatmırdı. – Bura mәnim sahibkarım Gibson gәlәsidir. Mәn onun dәftәrxana işlәrinә baxıram. Holms, agah olun: o alçaqdır, alçağın lap yekәsidir.

– Yaman dediniz, mister Beyts.

– Vaxtım az olduğu üçün belә danışmalı oldum. İstәmirәm ki, burada onun gözünә görünüm. O, indilәrdә gәlib çıxar. Bir әngәl ortaya çıxmışdı, vaxt tapıb tez gәlә bilmәdim: onun katibi mister Ferqyuson mәnә bu sәhәr dedi ki, Gibson sizinlә görüşәcәk.

– Demәli, siz onun dәftәrxana işlәrinә baxırsınız?

– Mәn işdәn çıxmağım barәdә әrizә vermişәm. Bir-iki hәftәyә zәhlәtökәn işimdәn yaxamı qurtaracağam. Gibson yaman tündmәcaz adamdır. Bәzi xeyirxah әmәllәri pәrdә kimi onun eyiblәrini örtür. Zavallı arvadı onun özünün qurbanı oldu. Gibson onunla kobud davranırdı, bәli, bәli, kobud. Qadının necә hәlak olduğunu bilmirәm, ancaq әminәm ki, әri onun hәyatını әsl mәşәqqәtә çevirmişdi. Qadın әslәn cәnublu idi, yәqin ki, bilirsiniz, braziliyalı idi.

– Yox, bunu bilmirdim.

– Cәnubda anadan olmuşdu, tәbiәti dә cәnublu tәbiәti idi. Günәş vә ehtiras övladları. O, Gibsonu sevirdi, bütün varlığı ilә sevirdi. Ancaq әvvәlki gözәlliyi solub keçәndә daha әrini heç nә ona bağlaya bilmir. O qadından hamımızın xoşu gəlirdi, onu başa düşürdük; әrindәn isә qәddarlığına görә zәhlәmiz gedir. Ancaq Gibson bicin biridir, özünә inam yarada bilir. Mәnim demәk istәdiyim bunlar idi. Xarici görkәminә baxıb, onun haqqında özünüzdә rәy yaratmayın, görün batinindә nәlәr gizlәnir. Hә, mәn gedim. Yox, yox, mәni ləngitmәyin, o, indicә gəlib çıxacaq.

Qәribә qonağımız qorxu içindә saatına baxıb az qala qaçaraq otaqdan çıxdı.

– Belә, belә, – bir anlıq sükutdan sonra Holmsun sәsi eşidildi. – Deyәsәn, mister Gibsonun yaxşı «sadiq» xidmәtçilәri var. Yaxşı ki, Beyts bizi xәbәrdar etdi; indi sahibkarın özünü gözlәyәk.

Düz şәrtlәnmiş vaxt pillәlәrdә ağır addım sәslәri eşidildi vә mәşhur milyonçu içәri girdi. Ona baxan kimi anladım ki, nә üçün dәftәrxana mәmurunun sahibkarı görən gözü yoxmuş; biznesdәki çәkişmәlәr onun sifәtinә müdhiş zәhm ifadәsi çәkmişdi. Əgər heykәltəraş olsaydım vә möhkәm әsәbli, vicdansız biznesmen çöhrәsi yaratmaq istәsәydim, natura üçün mütlәq mister Neyl Gibsonun sifәtini seçәrdim. Hündür, arıq, elә bil daşdan tökülmüş bәdәni yırtıcılıq ifadә edirdi; lap Avraam Linkolna1 bәnzәyirdi, ancaq öz gücünü-qüvvәsini alçaq mәqsәdlәrә sәrf edirdi – bu adam haqqında yalnız bunları demәk olardı.

Gibson qalın qaşları altında işıldayan boz, soyuq gözlәri ilә hәr ikimizi başdan-ayağa süzdü. Holms mәni tәqdim edәndә o, laqeydcәsinә baş әyib, evindәymiş kimi, stulunu irәli sürüyәrәk Holmsla üzbәüz oturdu; onun arıq dizlәri az qala dostumun ayaqlarına toxunurdu.

– İcazә verin, bәri başdan deyim ki, Holms, – o, sözә başladı, – bu işdә pul mәnim üçün heç bir rol oynamır. İşin xatiri üçün siz pulları cıra da bilәrsiniz. Qız günahsızdır vә әfv edilmәlidir, onu isә siz sübut etmәlisiniz. Nә qәdәr pul lazımdırsa, deyin.

– Mәnim alacağım haqq dәqiq müәyyәnlәşib, – Holms soyuq tәrzdә cavab verdi. – Onu dәyişmirәm, hәrdәnbir isә yerli-dibli pul almıram.

– Yaxşı, madam ki, dollar sizin üçün rol oynamır, onda nüfuzunuz haqqında düşünün. Bu işi udsanız, İngiltәrә vә Amerikanın bütün qәzetlәri sizin adınızın әtrafında hay-küy qaldırar, hәr iki qitәdә sizin barәnizdә danışmağa başlarlar.

– Tәşәkkür edirәm, mister Gibson. Mәsәlә burasındadır ki, belә şeylәrә qәti ehtiyacım yoxdur. Olsun ki, tәәccüblәnәcәksiniz, ancaq mәn hay-küysüz işlәmәyi xoşlayıram, mәni yalnız problemlәr maraqlandırır. Deyәsәn, vaxtı itiririk, işә keçәk.

– Mәncә, mәtbuatın verdiyi xәbәrlәrdәn әsas detallar sizә mәlumdur. Heç bilmirәm, sizә kömәk edәsi bir şey әlavә edә bilәcәyәmmi? Ancaq bәzi cәhәtlәri dәqiqlәşdirmәk istәyirsinizsә, buyura bilәrsiniz.

– Yaxşı, mәni tәkcә bir cәhәt maraqlandırır.

– Mәhz hansı?

– Sizinlә miss Dәnber arasında münasibәt әslindә necәdir?

Qızıl kralı әsәbi halda stulunda qurcalandı. Az sonra sakitliyi vә tәmkini geri qayıtdı.

– Mәncә, belә suallar vermәyә sizin hüququnuz, ya da sәlahiyyәtiniz var, Holms.

– Tutaq ki.

– Onda, sizi әmin edirәm ki, bizim münasibәtimiz sahibkarla gənc ledi arasındakı ümumi münasibәtlәrdәn qəti fәrqlәnmirdi; mәn onu yalnız uşaqlarımla birgə görürdüm.

Holms ayağa qalxdı:

– Mәnim işim çoxdur, mister Gibson, – dedi. – Boş söhbәtlәr etmәyә nә vaxtım var, nә dә hәvәsim. Xudahafiz.

Qonağımız da qalxdı; o, yuxarıdan aşağı Holmsa baxdı, gözlәrindә nifrәt qığılcımı parladı, solğun yanaqlarına xәfif qızartı çökdü:

– Lәnәt şeytana, bununla nә demәk istәyirsiniz, Holms? Mәnim xahişimi rәdd edirsiniz?

– Bәli, mister Gibson, rәdd edirәm. Deyәsәn, mәn hәr şeyi aydın dedim.

– Tamamilә aydın. Ancaq, bu nә demәkdir? Qiymətinizi artırmaqmı istәyirsiniz? Ya bu işdәn yapışmağa qorxursunuz? Bәlkә ayrı şey var? Mәnim izahat tәlәb etmәyә haqqım var, ya yox?

– İzah edәrәm. Hәr şeydәn әvvәl onu deyim ki, onsuz da bu iş çox düyünə düşüb, әlavә yalan xәbәrlәrә ehtiyac yoxdur.

– Yәni mәn yalan deyirәm?

– Mәn mәdәni tәrzdә demәk istәdim, indi ki, özünüz sual verirsiniz, etiraz etmirәm – bәli, yalan deyirsiniz.

Sifәtinin әzәlәlәri oynaşan qonağımız düyümlənmiş yumruğunu qaldıranda mәn ayağa sıçradım. Holms xәfifcә gülümsünәrәk әlini çubuğu üçün uzatdı:

– Hay-küy salmayın, mister Gibson, başa düşürәm, sәhәr yemәyindәn sonra adam adi şeylәrdәn ötrü özündən çıxır. Mәncә, bir az gəzib, tәmiz havada fikirlәşmək sizin üçün xeyirli olar.

Qızıl kralı öz qәzәbini zorla boğurdu. Mәn tәәccüblәnmәyә bilmәdim: tamamilә sakit olan bir adamın gözlәrindә bir anlığa nifrәt alovu yandı, sonra isə onun sifәtini yenә dә laqeydlik örtdü.

– Bu sizin öz işinizdir. İstәmәdiyiniz halda sizi tәhqiqat aparmağa mәcbur edә bilmәrәm. Ancaq, yadınızda saxlayın, mister Holms, mәn çox adamları diz üstә çökdürmüşәm, siz indi sәhv etdiniz. Bu sizә baha oturacaq. Mәnim yolum üstә dayananların heç biri salamat qurtarmayıb.

– Çoxları belә sözlәri mәnә dәfәlәrlә deyib, ancaq gördüyünüz kimi mәn sağ-salamatam, sizә dә salamatlıq arzulayıram. Xudahafiz, mister Gibson. Siz hәlә çox şeyi öyrәnmәlisiniz.

Qonağımız deyinә-deyinә bayıra çıxdı. Holms nәzәrlәrini tavana zillәyәrәk sakitcә çubuğunu tüstütülәdirdi.

– Nә fikirlәşirsәn, Uotson?

– Bu adamın qarşısındakı hәr cür maneәni dәf etmәyә qadir olduğunu vә öz arvadının belә maneә ola bilәcәyini düşünәndә, hәm dә Beytsin dediklәrini yada salanda, mәnә elә gəldi ki…

– Düzdür. Mәn dә elә düşünürәm.

– Onunla tәrbiyәçi qız arasında nә var ki? Sәn bu barәdә niyә soruşdun?

– Heç nә, Uotson, heç nә. Mәn bu adamın mәktubundakı sәmimi mәzmuna, sonra isә özünün daxili vә xarici alәminә baxarkәn anladım ki, bunu tәrbiyәçi qıza daha dәrin hisslәr bağlayır; әsl hәqiqәti aşkara çıxarmaq üçün bizә bu üç adamın münasibәtlәrini aydınlaşdırmaq lazımdır. Gördün, ona necә birbaşa hücuma keçdim, heç halına da tәfavüt etmәdi. Sonra onu qorxutmağa başladım, özümü elә göstərdim ki, guya hәr şeyi bilirәm, әslindә isә әlimdә bir-iki gümanım var, vəssalam.

– Demәli, o qayıdacaq?

– Mütlәq. O qayıtmalıdır. O, işi belә qoya bilmәz. Aha, qapının zəngi çalınır. Bәli, bu onun addım sәslәridir… Belә, mister Gibson, mәn indicә doktor Uotsona deyirdim ki, siz bir qәdәr ləngiyirsiniz.

Bu dәfә qızıl kralı lap sakitdi. Baxışlarında hәlә dә quru tәkәbbür vardı, ancaq diqqәtlә baxılsaydı başa düşülәrdi ki, istәdiyinә çatmaq üçün istәnilәn güzəştә getmәyә hazırdır.

– Mister Holms, deyәsәn, sizin suallar mәni diksindirdi, bir az özümdәn çıxdım. Necәliyindәn asılı olmayaraq, faktları aşkara çıxarmağa sizin hüququnuz var; sizә haqq qazandırıram. Ancaq sizi inandırıram ki, mənimlә miss Dәnber arasındakı münasibәtin bu mәsәlәyә heç bir dәxli yoxdur.

– Bu mәnim işimdir. Dәxli var, ya yoxdur, qoy mәn hәll edim, yaxşı?

– Hә, başa düşürәm. Siz diaqnoz qoyan hәkim kimi bütün simptomları bilmәlisiniz.

– Bax belә. Bu bәnzәyiş düz gəlir. Əgər xәstә öz simptomlarını gizlәdirsә, demәli, hәkimi aldatmış olur.

– Elәdir, ancaq boynunuza alın ki, mister Holms, o qızla әlaqәni birbaşa soruşanda mәnim yerimә kim olsaydı qorxardı. Mәncә, insanların ürәyinin hansı küncündәsә çox gizli, pünhan guşә var, ora çağırılmamış qonaqlar buraxılmır. Siz isә birbaşa ora cumdunuz. Ancaq mәqsәd sizә haqq qazandırır; qızı xilas etmәk lazımdır… Belә… İndi mәn hәr şeyә cavab vermәyә hazıram, soruşa bilәrsiniz, Sizi әsasәn nә maraqlandırır?

– Әsl hәqiqәt.

Qızıl kralı fikrini cәmlәşdirirmiş kimi sükuta daldı. Dәrin qırışlarla dolu sifәti daha da tutuldu.

– Әsl hәqiqәti bir-iki kәlmәylә deyә bilәrәm, mister Holms, – nәhayәt o dillәndi. – Elә şeylәr var ki, onun haqqında düşünmәk dә ağırdır, danışmaq da. Odur ki, mәn mәsәlәni lazım olduğundan da çox xırdalamaq istәyirәm… Arvadıma Braziliyada qızıl axtararkәn rast gəldim. Mariya Pinta, Manaus limanında böyük hökumәt çinovnikinin qızı idi. Çox gözәldi. O vaxtlar mәn gənc vә dәlisovdum, ancaq indi dә o günlərimә tәnqidi yanaşanda anlayıram ki, Mariya hәddindәn artıq gözәl bir qızdı. Cәnublular kimi çılğın, ehtiraslı, qılıqlı idi. Tanıdığım bütün amerikalılardan kәskin fәrqlәnirdi. Bir sözlә, mәn ona vuruldum vә biz evlәndik. Ancaq bir müddәt sonra başa düşdüm ki, aramızda ümumi olan heç nә yoxdur, heç nә. Mәnim mәhәbbәtim söndü. Əgər onunku da sönsәydi, dәrd yarıydı, hәr ikimizә asan olardı. Ancaq siz ki, qadınları tanıyırsınız: onları nә qәdәr kәnara itәlәyirsәn, itәlә, bir şey çıxmır. Onunla kobud, ya da bәzilәrinin dediyi kimi, qәddar rәftar edirdim. Bilirdim ki, onun mәhәbbәtini nifrәtә çevirsәm, hәr ikimiz üçün yaxşı olar,

– Ancaq heç nә kömәk etmәdi; o, iyirmi il qabaqkı kimi yenә dә mәni sevirdi. Nә edirdimsә dәxli yoxdu, o, yenә dә mәnә sadiqdi… Sonra miss Dәnber gəldi. Uşaqlarımızın tәrbiyәsi ilә mәşğul olmağa başladı. Yәqin ki, qәzetlәrdә onun portretlәrini görmüsünüz, bilirsiniz ki, o, gözәllәr gözәlidir. Boynuma alıram ki, elә qızla bir binada yaşayıb, hәr gün onunla görüşәndәn sonra atәşin hisslәrimi saxlaya bilmәdim. Bunda mәni günahlandırmırsınız ki?

– Hisslәrinizә görə sizi günahlandırmıram, ancaq miss Dәnberә münasibәtdә hakimiyyәtinizdәn sui-istifadә etsәydiniz, günahınız böyük olardı. Axı, bu qız tamamilә sizin әliniz altındaydı, sizә pәnah gətirmişdi.

– Yaxşı, qoy belә olsun, – tәnә ona tәsir etmişdi; baxışlarında hiddәt vardı. – Mәn olduğumdan yaxşı nәzәrә çarpmaq istәmirәm. Hәyatım boyu mәnә lazım olan hәr şeyә sahib olmuşam. Ancaq heç vaxt indiki kimi qadına vurulmamışam. Bu barәdә mәn ona dedim.

– Necә dediniz? – Holms hirslәnәndә baxışları qorxulu olurdu.

– Miss Dәnberә dedim ki, əgər istәsә, onunla evlәnәrdim. Ancaq çәtin problem idi. Mәn dedim ki, çәkәcәyim xәrcә baxmayaraq, hәr şeyi edәrәm, tәki o, xoşbәxt olsun, hәyatından razı qalsın.

– Sizin tәrәfinizdәn böyük lütfkarlıqdır, – Holms söz atdı.

– Qulaq asın, mister Holms, mәn bura ifadә vermәyә gəlmişәm, mәslәhәt dinlәmәyә yox. Sizin tәnqidinizә ehtiyacım yoxdur.

– Yalnız o qızın xatirinә bu işә girişirәm, – Holms soyuq tәrzdә dillәndi. – Mәncә, indi onun boynuna qoyulan qatillik sizin danışdığınız bu mәsәlәdәn yüngüldür; siz evinizә sığınmış kömәksiz bir qızı rüsvay elәmәk istәmisiniz. Siz varlılardan bәzilәrinin qulağına qışqırmaq lazımdır ki, dünyada elә şeylәr var ki, onları pulla almaq olmaz.

Qızıl kralının ittihamı sakit qarşılaması tәәccübümә sәbәb oldu.

– Bәli, indi başa düşürәm. Şükür allaha ki, istәyim baş tutmadı. Qız heç cür razı olmazdı; o, çıxıb getmək istәyirdi.

– Bәs niyә getmәdi?

– Әvvәla, onun valideynlәri ehtiyac içindә yaşayırlar, qız isә az-çox onlara kömәk әli uzadırdı. Mәn and içәndәn sonra ki… bәli, bәli, and içәndәn sonra ki, bir daha ona yaxın düşmәyәcәyәm, qalmağa razılıq verdi. O, mәsәlәnin başqa cәhәtini dә düşünürdü; bilirdi ki, mәnә başqalarından çox tәsir göstərә bilәr. Bu tәsirdәn xeyirxahlıq mәqsәdilә istifadә etmәk istәyirdi.

– Nә cür?

– Hm, işimin bir-iki cәhәtinә bәlәdçiliyi vardı. Bunlar böyük işlәrdir, elә nәhәng işlәrdir ki, adi adamlara qeyri-adi görünә bilәr. Mәn yarada vә dağıda bilәrәm, adәtәn dağıdıram. Bu, tәkcә adamlara aid deyil, yollara, şәhәrlәrә, hәtta xalqlara da aiddir. Biznes dәhşәtli oyundur. Burada kim zәifdirsә hәlak olur, mәhv olur. Necә qurtaracağından asılı olmayaraq, mәn mübarizә aparıram. Heç vaxt mәğlub olmamışam, mәğlubları isә vecimә dә almamışam. O qız isә bütün bunlara başqa gözlә baxırdı vә mәncә, o haqlıdır. O әmindir ki, birisinin hәddәn artıq varlı olması, on minlәrlә başqalarının isә yaşamağa ruzi tapmaması әdalәtdәn deyil. Bax, o qız mәsәlәlәrә bu nöqtәdәn yanaşırdı vә mәncә, hәyatda dollardan da vacib şeylәr görürdü. O anladı ki, mәn ona qulaq asıram, inandı ki, mәnim hәrәkәtlәrimә nüfuz etmәklә cәmiyyәtә xeyri dәyir. Hәr şey öz qaydasıyla gedirdi, birdәn bu hadisә ortalığa düşdü.

– Hadisәnin özü barәdә bir şey әlavә etmәk istәmirsiniz ki? – Holms soruşdu.

Qızıl kralı başını әllәri arasına alıb dәrin fikrә getdi.

– Hә, qızın vәziyyәti ümidsizdir. Ancaq qadınların nә isә öz alәmlәri var vә bәzәn kişilәr o alәmlәrdәn xәbәrsiz olurlar… Xәbәri qәflәtәn eşidib qorxdum, düşündüm ki, yәqin onu hansı yollasa özündәn çıxarıblar (halbuki özü çox sәbrli vә tәmkinli idi). Ağlıma bircә izah gəlirdi – istәyirsiniz inanın, istәmirsiniz yox. Arvadımın mәşәqqәtli qısqanclıq alovunda yanması yәqindir. Daxili qısqanclıq daha qorxulu olur, o da «fiziki qısqanclıq» kimi kor olur. İnanmıram ki, bu ikinci hal arvadımda olaydı, ancaq o, başa düşürdü ki, özünün heç vaxt nail olmadığı dәrәcәdә bu gənc ingilis qızı mәnim şüuruma vә hәrәkәtlәrimә tәsir edib. Bu tәsirin әsas mәqsәdi xeyirxahlıq olsa da, arvadımın qәzәbi sönmürdü. O, nifrətindәn dәli olmaq dәrәcәsinә gəlmişdi. Bәlkә o, miss Dәnberi öldürmәk, ya da tapança ilә qorxutmaq istәyib ki, qız bizim evi tәrk etsin. Onlar dalaşa, tapança isә açılıb onu tutan qadının özünü öldürә bilәrdi.

1.Avraam Linkoln (1809-1865) ABŞ-ın 16-cı prezidenti (1861-1865).

Bepul matn qismi tugad.

13 382,73 s`om
26 765,47 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
280 Sahifa 1 tasvir
ISBN:
978-9952-8451-9-1
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar