Kitobni o'qish: «Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr »

Mualliflar jamoasi
Shrift:

HACI ZEYNALABDİN TAĞIYEV

HAQQINDA XATİRƏLƏR

“Xatirə Ədəbiyyatı” silsiləsindən 36-cı kitab

ÖN SÖZ

Hacı Zeynalabdin Tağıyev haqqında sağlığında da, adının yasaq olunduğu və əsasən mənfi çalarla çəkildiyi sovet illərində də, yenidən müstəqillik qazandığımız dövrdə də çox yazılıb və çox deyilib. Yaşadığı zamanda “millət atası” adını qazanmış, şəksiz nüfuza və hörmətə malik, xeyriyyə işləri ilə Azərbaycandan çox uzaqlarda şöhrətlənmiş bu insanı tanımayan azərbaycanlını çətin ki tapmaq olar. Maraqlıdır ki, müqəddəs həcc ziyarətinə gedən minlərlə həmvətənimizin olmasına baxmayaraq, bu günün özündə də “Hacı” deyəndə əksəriyyətimiz məhz onu – Azərbaycanın böyük oğlu Hacı Zeynalabdin Tağıyevi xatırlayırıq.

H.Z.Tağıyev milli sahibkarlığın təməlini quranlardan biri, XIX əsrin sonu-XX əsrin əvvəlləri dövrünü təcəssüm etdirən parlaq, koloritli şəxsiyyətdir. Azərbaycanın o dövrkü tarixində elə bir mühüm hadisə olmayıb ki, H.Z.Tağıyev orada ya birbaşa, ya da dolayısı yolla iştirak etməsin. Diqqəti çəkən məqam budur ki, dövlət xadimi, məşhur siyasətçi və ya ziyalı olmayan bu insan XIX–XX əsrin əvvəlləri tarixinin təsvir olunduğu kitab və dərsliklərdə öz müasirlərindən daha çox xatırlanır.

H.Z.Tağıyevin populyarlığını çoxları anlamağa çalışıblar, çünki xalqın içindən çıxmış, zəhməti hesabına sərvət sahibi olmuş, lakin var-dövlətini bütə çevirməyərək həmvətənlərinin xoş güzəranına sərf etmiş, özü təhsil almasa da millətinin savadlanması üçün pul əsirgəməmiş bu insan, həqiqətən bir fenomendir. Həmin fenomen hələ uzun müddət marağa səbəb olacaq və araşdırılacaq. Ancaq yüz il əvvəl “Баку” qəzetində Hacıya verilən qiymət bu fenomenin qismən də olsa anlaşılmasına kömək edər: “Tağıyev bütün Qafqaz müsəlmanlarının fəxri idi. Onun adı hörmət və məhəbbətlə əhatə olunmuşdu. O, müsəlmanların məxfi hökmranı idi. Nədir sirri bu hökm və əzəmətin, bu böyük populyarlığın? Var-dövlətmi? Amma müsəlmanlar arasında ondan da qat-qat zəngin adamlar var və olublar. Lakin onlar deyil, məhz Tağıyev Qafqazda müsəlmanlar üçün mərkəz olmuşdur. Başqası yox, məhz o, könüllü olaraq onların başçısı qəbul olunub. Bəlkə intriqanlıq, biclik, gözə kül üfürmək istedadı, kütləni, onun ruhunu incəliklə duymaq bacarığı. Ola bilər ki, bu da olub. Lakin təkcə bununla cənab Tağıyevin özünə yaratdığı mövqeni qurmaq mümkün deyil. Şübhəsiz, onda nə isə elə bir şey var idi ki, xalq kütlələrinin rəğbətini oyadırdı, Tağıyevin adı və cazibədarlığı onları valeh edirdi. İntriqalar və bicliklə uzun müddət xalqı aldatmaq və onu öz təsiri altında saxlamaq olmaz. Bu adi bənna, savadsız tatar (azərbaycanlı – F.C.) xalqın içindən, onun lap aşağılarından çıxmış və zirvəyə ucalmışdır. H.Z.Tağıyev – nəhəng, parlaq, orijinal simadır. Böyük zəka, böyük enerji sahibidir”.1

Oxucuların diqqətinə təqdim edilən bu kitabda Hacı Zeynalabdin Tağıyevin müasirləri olmuş müxtəlif insanların – dövlət və ictimai xadimlərin, yazıçıların, müəllimlərin, həkimlərin, fəhlələrin onun haqqında yazıları və xatirələri toplanıb.

Hacı o qisim insanlardandır ki, onlar haqqında sağlıqlarında yazıblar. 1900-cü ildə Nəriman Nərimanov, daha sonra 1903-cü ildə bir anonim müəllif H.Z.Tağıyevin tərcümeyi-halını yazıb çap etdiriblər. 1904-1906-cı illərdə Bakıda çıxan “Himəm ər-rical” (“Kişilərin himməti”) adlı ikicildlik kitabda “millət atası”nın xeyriyyə işlərini əks etdirən sənədlər, məktublar, ona həsr edilmiş şeirlər toplanmışdır. Bu nəşrlərin həm o dövrdə, həm də indi böyük əhəmiyyəti var. Təkcə ona görə yox ki, onlar əsasında biz H.Z.Tağıyevin həyat və fəaliyyətini öyrənə bilirik. Əsasən ona görə ki, həmin əsərlərdə rast gəlinən faktlar Azərbaycan tarixinin Hacı Zeynalabdin Tağıyev səhifəsinin zənginliyini və parlaqlığını, xeyriyyəçinin fitri istedadını, bacarığını, vətənpərvərliyini, insansevərliyini əyani nümayiş etdirir. N.Nərimanov yazırdı ki, “…Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və gedəcəkdir, amma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyiblər”. Deməli, müəlliflər H.Z.Tağıyevin tərcümeyi-halını yazmaqla onu başqalarına bir nümunə kimi göstərir və onları da millət üçün xeyirli işlər görməyə çağırırlar. İllər keçib, amma indiki zamanımızda da H.Z.Tağıyev yeganə nümunədir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev onu bu günün sahibkarlarına örnək kimi göstərir: “Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görmüşdür. Onun xatirəsi bizim üçün çox əzizdir. Mən şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi şəxsiyyətlər Azərbaycan xalqını o dövrdə lazımi səviyyədə təmsil etmişlər. Əlbəttə, o, zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə imkanlarına da nail olmuşdu. Ancaq o imkanlardan xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə etdi… Onun xeyriyyəçilik missiyası Azərbaycan xalqının inkişafına xidmət edib… Mən müasir dövrün sahibkarları ilə dəfələrlə görüşürəm və onlara da dövlət tərəfindən dəstək verilir. Mən istəyirəm ki, sahibkarlıq inkişaf etsin, insanlar daha da zəngin olsunlar. Hər dəfə onlara tövsiyə edirəm ki, sosial məsuliyyət məsələlərinə də diqqət göstərsinlər. İmkanlı, varlı adam elə etməlidir ki, kimin imkanı yoxdursa ona əl uzatsın, ona kömək göstərsin. Bu, onun Allah qarşısında da, vicdan qarşısında da xidməti olacaqdır”.2

Azərbaycanın 1920-ci ildən başlayaraq bütün sovet dövrü ərzində millətin bir çox layiqli insanları kimi, Hacının da adı rəsmi ideologiyanın sərt qadağasına məruz qalmışdır. Sovet ideologiyası H.Z.Tağıyevin şərəfli adını unutdurmağa, ləkələməyə çalışdığı vaxtda bununla mübarizə aparan, həqiqəti bərpa etməyə çalışan yeganə insan Hacının qızı Sara xanım Tağıyeva-Sarayeva (1899-1991) idi. İosif Stalinin ölümündən sonra SSRİ-də cərəyan edən “mülayimləşmə” dövründə Sara xanım bəzi məşhur şəxslərdən, atası ilə ünsiyyətdə olmuş insanlardan H.Z.Tağıyevlə bağlı xatirələri toplamağa başladı. Uzun illər boyu H.Z.Tağıyevin adının rəsmi bəraəti uğrunda çalışan Sara xanım öz xatirələrində qeyd edirdi ki, onun mübarizəsi bir övladın atasının bəraət alması uğrunda deyil, H.Z.Tağıyev kimi böyük şəxsiyyətin ictimai fəaliyyətinin obyektiv işıqlandırılması uğrunda idi. Keçmiş Sovet İttifaqının arxivlərindən sənədlər, Hacının köməyi ilə təhsil alan insanlardan, ziyalılardan xatirələr toplayan Sara xanım buna görə hökumət orqanları tərəfindən təqiblərə məruz qalmış, gözünün nurunu itirmişdir. O, bu sənədlərlə partiya məmurlarının, alimlərin, ədiblərin qapılarına düşərək, həqiqətə nail olmağa və ədaləti bərpa etməyə çalışırdı. Təqiblər nəticəsində sənədlərin itməsindən qorxan Sara xanım onların bir neçə nüsxədə surətini çıxarmışdı. Həmin sənədlər və onların surətləri sonralar bir çox tədqiqatçılar tərəfindən istifadə olunmuşdur, lakin bu sahədə birincilik yazıçı Manaf Süleymanova məxsusdur. Məhz onun 1987-ci ildə çıxan “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında bu xatirələrin bir qismi ilk dəfə dövriyyəyə gətirilmiş və Azərbaycan oxucusunu Hacının tam fərqli, əsl obrazı ilə tanış etmişdir.

Sara xanımın topladığı və bu kitabda işıq üzü görən xatirələr Milli Azərbaycan Tarixi Muzeyində və S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Muzeydə qorunan həmin xatirələrin fotosurətləri Tarix Muzeyinin qocaman əməkdaşı, Sara xanımı şəxsən tanıyan Musa Nəsirov tərəfindən çəkilmişdir. Xatirələrin digər bir hissəsini Sara xanım görkəmli ziyalı Vəli Məmmədova vermiş, Vəli müəllimin vəfatından sonra isə həyat yoldaşı Xalidə xanım Əlizadə onları Ədəbiyyat və İncəsənət Arxivinə bağışlamışdır.

Kitab doqquz müstəqil bölmədən ibarətdir. Birinci və ikinci bölmədə 1900 və 1903-cü illərdə, yəni Hacının yaşadığı dövrdə yazılan iki bioqrafik oçerk təqdim olunub. Üçüncü bölmədə Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən Nağı bəy Şeyxzamanlının 1957-ci ildə, mühacirətdə olarkən H.Z.Tağıyev haqqında yazdığı xatirələr verilib. Sonrakı bölmələrdə S.Tağıyeva-Sarayeva tərəfindən 1956-1957-ci illərdə yığılan xatirələr toplanıb. Sonuncu bölmədə Hacıya həsr olunmuş şeirlər yer alıb. Bölmələr quruluşlarına və mövzularına görə fərqlənsələr də, onları H.Z.Tağıyevlə ünsiyyətdə olan, onu görən və tanıyan müasirlərinin bu böyük insana ehtiram və sevgisi birləşdirir.

Kitaba daxil olan materialların tərtibi zamanı onların dil üslubu dəyişilməz saxlanılmışdır. Yalnız bəzi hallarda sənədlərin ümumi məzmununa toxunmadan mətndə orfoqrafik və stilistik dəyişikliklər edilmişdir. S.Tağıyeva-Sarayevanın topladığı sənədlərin əksəriyyəti rus dilində idi. Onların Azərbaycan dilinə tərcüməsi mətnin əsas məzmununa toxunulmadan sərbəst, bəzi ixtisarlarla təqdim edilib.

HACI ZEYNALABDİN TAĞIYEVİN İLK BİOQRAFI

Hacı Zeynalabdin Tağıyev haqqında ilk bioqrafik məzmunlu əsərin müəllifi Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist, həkim Nəriman Nərimanov (1870-1925) olmuşdur. O, H.Z.Tağıyevin maddi köməyi və Bakı Şəhər İdarəsinin təqaüdü ilə 1902-1908-ci illərdə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsində təhsil almışdır. Universiteti bitirəndən sonra Bakıya qayıdan N.Nərimanov şəhər xəstəxanasında, eyni zamanda H.Z.Tağıyevin 1901-ci ildə açdırdığı Aleksandra rus-müsəlman qız məktəbində həkim vəzifəsində çalışmışdır.3

H.Z.Tağıyev N.Nərimanovun ictimai və yaradıcılıq fəaliyyətinə hərtərəfli dəstək vermişdir. N.Nərimanovun “Nadir şah” tarixi dramı H.Z.Tağıyevin vəsaiti ilə çap edilmiş və onun xahişi ilə 1905-ci ilin fevralında fars dilinə tərcümə olunmuşdur.4 Həmin əsərin teatrda səhnələşdirilməsi uzun müddət Rusiyanın hökumət senzorları tərəfindən qadağan olunsa da, nəhayət, 1906-cı ilin yanvarında pyes ilk dəfə məhz Tağıyev teatrının səhnəsində rus dilində oynanılmışdır.5

1905-1907-ci illər rus inqilabı dövründə N.Nərimanov H.Z.Tağıyevin maliyyələşdirdiyi “Kaspi” və “Həyat” qəzetlərində mövcud ictimai-siyasi quruluşa qarşı tənqidi, bəzən isə hətta radikal xarakterli məqalələrlə çıxış etmişdir.

1906-cı ilin martında N.Nərimanov H.Z.Tağıyevin fəxri sədri olduğu “Nicat” xeyriyyə cəmiyyətinin idarə heyətinin üzvü seçilmişdir.

N.Nərimanovla H.Z.Tağıyev arasında 1906-cı ilin avqustunda Bakıda keçirilən müsəlman müəllimlərinin qurultayında baş vermiş insidentə baxmayaraq, onların sonrakı münasibətləri yenə də qarşılıqlı hörmətə söykənirdi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra N.Nərimanov yeni hökumətin başçısı təyin olunmuşdu. Məhz onun səyi nəticəsində H.Z.Tağıyev bolşeviklərin təqiblərindən xilas edilmişdi. H.Z.Tağıyevin bütün varidatı sovet rejimi tərəfindən müsadirə olunsa da, N.Nərimanov ona və ailəsinə Mərdəkandakı bağ evində qalmağa imkan yaratmışdı.

Nəriman Nərimanovun 1900-cü ildə Bakıda Axundov mətbəəsində Azərbaycan dilində çap etdirdiyi “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı böyük xeyriyyəçinin uşaqlıq illərindən başlayaraq, XX əsrin əvvəllərinədək keçdiyi həyat yoluna yığcam bir baxışdır. Adından göründüyü kimi, əsər H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyətinin 50 illiyi münasibətilə və 1901-ci ilin sentyabrında keçiriləcək yubiley tədbiri ərəfəsində yazılıb. Kitabın xeyli hissəsi millətə xitabən deyilən nəsihətamiz və ibrətamiz sözlərdən ibarətdir. N.Nərimanov H.Z.Tağıyevin palçıq daşıyandan milyonçu-sahibkara qədər keçdiyi yolu, qazandığı nailiyyətləri, rastlaşdığı çətinlikləri ətraflı təsvir edərkən onu digər zənginlərə bir nümunə kimi göstərir.

Əsərdə müəllifin tez-tez işlətdiyi pafoslu epitetlər N.Nərimanovun H.Z.Tağıyevin maddi köməyi ilə oxumasına cavab olaraq öz qəhrəmanını həddindən artıq mədh etməsi kimi başa düşülə bilər. Lakin bu, kökündən yanlış fikirdir, çünki əsər nəşr olunanda N.Nərimanov hələ ali təhsil almırdı və yuxarıda deyildiyi kimi, Novorossiya Universitetinə 2 il sonra – 1902-ci ildə daxil olmuşdu. İkincisi isə, N.Nərimanovun kitabda sadaladığı faktlar H.Z.Tağıyevin, həqiqətən, gördüyü işlərin təsviridir və burada heç bir şişirtməyə yol verilməyib.

N.Nərimanov H.Z.Tağıyevin Azərbaycan milləti və bütövlükdə müsəlmanlar üçün gördüyü xeyirxah işlər haqqında bəhs edərkən bir vacib məqama da toxunur. Əslində bu məqam əsərin aktuallığını, ideya xəttini, onun təkcə H.Z.Tağıyevin yubileyinin keçirilməsi xətrinə yazılmadığını əyani nümayiş etdirir. Müəllif yazır ki, H.Z.Tağıyevin varlığı azərbaycanlıların və bütün müsəlmanların başqa millətlər yanında başlarını uca edir: “…Qeyrətli Hacının vətənə, millətə və insana olan səxavətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, ictimai və dövlət işlərinə yaramayan tayfadır?”

N.Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı ikinci dəfə 1993-cü ildə filologiya elmləri namizədləri Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlunun tərtib etdikləri “Hacı Zeynalabdin Tağıyev” məcmuəsində işıq üzü görmüşdür.6 1994-cü ildə isə əsər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun redaktorluğu ilə ayrıca broşür şəklində çap olunmuşdur.7 Hazırkı mətn adları çəkilən iki nəşr əsasında hazırlanaraq, cüzi redaktə edilmiş və müasir Azərbaycan dilinə uyğunlaşdırılmış variantda təqdim olunmuşdur.

Nəriman Nərimanov

Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri

Ey gənc, ixtiyari zair!

Ey aqilü biqərari zair!

Manəndi-kab söylə-söylə:

Bilməm haraya gedirsən öylə.

Yüz dəxi eyləsən siyahət

Bir kərə düşün ki, ən nəhayət:

Aramkəhin bu yer deyilmi?!

Bu qəbri bəqa əsər deyilmi?!

Doğrudur! Yüz səyahət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır… İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Həyatda yüz min dərələr, yüz min quyular, hesabsız açılmayan düyünlər, ruzigarın yüz min oxları, gündə min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, səadətdə dəfələrlə ölüb dirilmək, tək nəfsin üçün min nəfsi puç etmək – bunlar hamısı nədən ötrüdür? Həyatdan ötrü deyilmi? Həyat nədən ötrüdür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Heyif! Təəssüflər olsun! Hərgah belədirsə.

Yırtıcı heyvan şikarını edib, qarnı tox olanda qeyri-şikar dalınca getmir. Yoxsa insan yırtıcı heyvan insafında da olmadı? Çox heyif!

“Gər qara daşı qızıl qanilə əlvan edəsən!

Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz!”

Elə də biz: ha çalışaq özümüzü tərif etməyə, ha çalışaq murdar sifətlərimizi pünhanda tutmağa – insaf məqamında yırtıcı heyvandan alçaq, biinsaf, bimürvət görünürük. Həmin məsələ bizim üçün nəhayətdə ağırsa da, nə xeyri, belədir, əzizim.

Hərgah insanın həyatı həqiqət bir yemdən ötrü olsaydı, onda nə lazım olmuşdu bizim üçün aləmi xəlq eləyənin gözəl və birinci bəxşişi ki, şüur olsun? Bəli, insan ancaq şüurla heyvandan ayrılıbdır. Belə olan surətdə demək olarmı ki, insan həyat edir dəyirmanı buğdasız qalmamaqdan ötrü? Hərgah belə olsaydı, nə lazım düşmüşdü milyonlarla adamlar şan-şövkətindən əl çəkib xalqı düz yola gətirirdilər və meydani-hərbdə həqiqəti tapmaq üçün canlarını fəda edirdilər. Həqiqət meydanında can fəda edənlər gözləri görüb ağılları qəbul etmirdi ki, bunlarla bir cinsdə olan insan zülmətdə qalıb əqli paslansın və ürəyi daş olsun! Bu insanlar öz həmvətənlərini nadan görüb, onları nadanlığın zindanından xilas etməyə çalışırdılar! Bu fədakarlar Böyük Allahın gözəl olan nemətini öz vətəndaşlarında uyğun gəlmədiyini görüb, həmin nemətin cilalanmasına çalışırdılar. Bu şəxslər öz məqsədlərinə çatmaq üçün şan-şövkətdən, mal və dövlətdən, həyat yoldaşlarından və övladlarından keçirdilər. Həqiqət! Hərgah yaşamaq hər şəxsin yalnız öz nəfsinin xoş keçməyindən ötrü olsaydı, bu adamlar dünyanın ləzzətindən üz çevirməzdilər.

İndi məlum olur ki, Xudavəndi-aləm insanı heyvandan şüurla ayırıb, onun boynuna bir təklif qoyubdur. Böyük təklifdirmi? Bəli, çox böyük, çox ağır təklifdir… Bu təklif həmin o təklifdir ki, cəmi peyğəmbərlər onun yolunda can fəda ediblər, həmin bu təklif dinləri və məzhəbləri birləşdirir və insanı zülmətdən xilas edir. Bu təklif aləmlərin Rəbbinə yaxın olmaq deyilmi? Bəli… Hərgah insan ancaq həyatından ötrü yaranmış olsaydı, aləmlərin Rəbbi ona ağıl bəxş etməzdi və ağıl olmasaydı, həmin təklif insana borc olmazdı, necə ki, heyvanata borc deyil!…

Bu məsələdə cəmi üləmaların təsəvvürləri birdir: insan gərək cəhd edib böyük Allaha yaxınlaşsın, yəni onu tapsın, bilsin, tanısın… Görək, yaxın olmağa səbəb vardırmı? Əvvəlinci səbəb və düz yol ancaq “yaxşılıqdır”, yəni insanın yaxşı və gözəl əməlləri. İnsan ancaq yaxşı əməlləri və gözəl sifətlərilə aləmlərin Rəbbinə yaxınlaşa bilər: onu tapar, bilər, tanıyar.

“Yaxşılıq” insanın sifətlərindən biridir. Ancaq bu sifətə cürbəcür mənalar verib anlayıblar. Məsələn: bir nəfər zəngin şəxs çox çörəklidir, yəni evinə qonaq gələndə canü-dildən qulluq etməyə hazırdır, qonaqsız nahar etmir – bu şəxsə “yaxşı” deyirlər. Və ya külfəti çox olan şəxs gecə və gündüz çalışıb dövlət qazanır ki, külfəti nəinki ac qalmasın və hətta öləndən sonra övladı üçün çoxlu dövlət qoysun – buna deyirlər “yaxşı” adam idi, çünki vəfatından sonra külfətini ac qoymadı. Və ya dövlətli şəxs dövlətliyə yaxşılıq edir – onlar da bir-birinə “yaxşı” deyirlər. Və ya bir şəxs dövlət içində bir kəsə nə yamanlıq və nə yaxşılıq edib, ibadətlə məşğuldur – buna da adətən “yaxşı” deyirlər. Və ya abid yüz il ömrünü ibadətdə çürüdüb xurma ilə dolanır, öləndən sonra ona “yaxşı” deyib rəhmət oxuyurlar…

Görək, yuxarıda zikr olunan şəxslərin “yaxşılıqları” onlar üçün Xudavəndi-aləminin zat-pakını tanımağa, yəni ona yaxın olmağa yol açırmı? Xeyr! Bu “yaxşılıqlar” məxsus nəfs üçündür, bir şəxs üçündür, nəinki Allah üçün. Həmin adamların adları ancaq ölən günü dillərdə zikr olunur, ancaq ölən günü deyirlər: “Allah rəhmət eləsin, yaxşı kişi idi, qonaq sevən idi, övladına böyük məbləğ qoydu, abid idi, saleh idi…” Çox az vaxtdan sonra bunların adları nəinki qeyrilərin, hətta öz övladlarının dillərində zikr olunmur, çünki həmin şəxslər ancaq öz nəfsləri tox olmaqdan ötrü yaxşılıq etmişdilər.

Hərgah bu biçarələr həyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərf etsəydilər, əlbəttə, öləndən sonra onların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb əbədi qalardı. Gündə yüz dövlətli basdırıb öz-özümüzə deyirik: “Ey biçarə, bu qədər çalışdın, vuruşdun, axırda özünlə nə apardın? İki arşın bez, iki arşın qara torpaq.” Qoyduğun dövlət öz tərbiyəsində olan uşaqlarına keçib axırda fani olar. Təəccüblüdür! Bəs nədən ötrü bu bədbəxt çalışırdı? Bununla belə, min ildən bəri ölənlərin adları bu vaxtadək dillərdə zikr olunur və olacaqdır? Bəs bunların adlarının dillərdə zikr olunmağının səbəbi nədir? Bunlar nə ediblər ki, yaddan unudulmayırlar? Bunlar öz cinslərinin yolunda can fəda ediblər: yoxsullara əl uzadıb, onları aclıqdan xilas ediblər – çünki hər millətin əzab-əziyyətdə yaşamasına ümdə səbəb kasıblıqdır, susuz yerdə su çıxardıblar, yetim uşaqlara xidmətçi olub, onlara lazımi tərbiyəni veriblər, elmləri insana asan edib, həmin vaxt millətin dərdlərinə dərman axtarmaqda ömürlərini sərf ediblər. Bizim təsəvvürümüzə görə, bu cins şəxslər aləmlərin Rəbbinin zat-pakını biliblər. Ancaq bu şəxslər millətin bəzəyi olub dinə rövnəq veriblər. Bu şəxslərin millətə olan xidmətlərini millət hiss etmirmi? Millətin bu şəxslər barəsində olan dua və təriflərini böyük Allah eşitmirmi? Vay o şəxsin halına ki, həyatı öz nəfsi üçün keçibdir! Afərin o şəxslərə ki, insanın yaxşılığından ötrü çalışıblar! Həmin şəxslər hansı millətdə olsa, o millətin gülü hesab olunurlar. Bunların ətri sonradan dünyaya gələn cavanları ətirləndirir, yəni onların qeyrəti gələcəkdə millətin balalarını qeyrətləndirir, onlara bir növ tərbiyə verir ki, onlar da bu dünyada cəmiyyət xeyrindən ötrü can qoysunlar, özlərini heyvana oxşatmayıb Allah-təalanın verdiyi neməti puç etməsinlər…

Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangahlar tikirlər, onların həyatı ilə bağlı hadisələri yazıb, tərcümeyi-hallarını uşaqlara oxudurlar. Bu cins şəxslərin isimləri hörmətlə dillərdə zikr olunub, nəsilbənəsil millət balalarının arasında intişar tapır. Yeni nəsil bunların barəsində oxuyub və eşidib, özünü onlara oxşadır və vaxtında millətin bəzəyi olur. Bu minvalla qeyrət, şərəf və comərdlik artır…

Bunların bədənləri bir zamandan sonra torpaq olursa, ruhları onların gözəl əməllərindən ləzzət çəkir… Həqiqət! Yüz ildən sonra bu şəxslərin məzarlarını açsaq, ancaq torpaq görərik. Bununla belə, adları dillərdə söylənəndə fikirləşirsən ki, bu şəxslər ölməyiblər, əbədidirlər. Nə mal, nə şan, nə şövkət insanın öz nəfsi üçün olsa, onu xoşbəxt etməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra isminin hörmətlə dillərdə zikr olunmağındadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır, yəni tək nəfsinə görə yaşamayıb, bədəndən və ruhdan zəif həmmillətə gərək kömək edəsən…

Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də varmış. Bu möhtərəm şəxslər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümumi xeyirdən ötrü indiki əsərimizdə insafımız rəva görmür ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana xas comərdliyini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun.

Həqiqət hal! Bu möhtərəm şəxs bir başqa insandır ki, ruzigar bizlərə bəxş edibdir! Millətin bəzəyi, ruzigarın qiymətli əsəri olan bu şəxsin adını tarixə salmaya bilərikmi?

Bəli, 62 yaşında hörmətli Hacı ruzigarın bəlalarına sinə gərib, milyonlar qazanıb, özü ilə qəbir evinə nə aparacaqdır? İki arşın bez! Həyatından sonra qoyduğu milyonlarmı adını tarixdə əbədi qoyacaqdır? Xeyr! 50 ildə qazanılmış milyonlar bir ayın ərzində fani ola bilər. Bu milyonların dinə və millətə rövnəq, insanın ruhuna qida verməklə sərf olunmağı onun adını qeyrətli din qardaşlarının ürəklərində həkk edəcəkdir.

Bu möhtərəm şəxsi tərif etməkdən qabaq lazım görürük oxucularımıza onun müxtəsər tərcümeyi-halını yazaq, ta görək, hörmətli Hacı milyonları necə qazanıb və millətə, insana nə xidmətlər göstəribdir. Görək, bu cins şəxsin hörməti bizlərə vacibdir, ya yox? Hərgah vacibdirsə, qeyrətli din qardaşlarımız, mədəniyyətli millətlər cənab Hacı Zeynalabdin Tağıyevə öz hörmətlərini, məhəbbətlərini 1901-ci il sentyabrın 20-də göstərə bilərlər. Həmin bu ayda cənab Hacının məişətinin, millətə və insanlara xidmətlər göstərməyə başlamasının 50 illiyi tamam olur (1). Həmin gün hörmətli Hacının ömründə gözəl və böyük bayramlardan biridir, hansı ki, mindən bir adama görməyə müyəssər olur. Həmin bu gün bu möhtərəm şəxsin ruhu fikrə gəlməyən ləzzəti hiss edəcəkdir! Həmin bu gün onun nəsli pərvərdigari-aləmə əl götürüb razılıq edəcək ki, bu şəxsin nəslindən dünyaya gəlib! Həmin bu gün məşhur, mərifətli, qeyrətli din qardaşlarımız və vətəndaşlarımız bu cür şəxsin varlığının daimi olmasını Xudavəndi-aləmdən yalvaracaqlar. Həmin bu gün ədəbiyyat əhlinin qələmləri tarixlər səhifəsində işləyəcəkdir! Həmin bu gün ürəkləri daş, ağılları pas, dilləri pis kəslər həsədlə bayram sahibinə baxacaqlar. Həmin bu gündə yaxşılığın əbədi olmağı və yamanlığın faniliyi gün kimi aşkar olacaqdır! Bəli, bu bir başqa gündür! Başqa bayramdır! Başqa səadətdir insanın ömründə! Bu bir başqa aləmdir! Başqa haldır! Başqa hissiyyatdır insanın həyatında! Xudavəndi-aləm əmr əta etsə, biz – çox kiçik millət qulu bugünkü günü görüb axırıncı sözümüzü deyərik və vaxtında cənab Hacının ətraflı tərcümeyi-halını yazmaqla məşğul olarıq.

Hacı Zeynalabdin Tağıyev 1256-cı ildə (yanvar, 1838) Bakıda anadan olub (2). Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı. On yaşından H.Z.Tağıyev atasının tərbiyəsində olubdur (3). Atası külfət qeyrəti çəkən, zəhmətdən qorxmayan bir şəxs idi və həmişə oğlu Zeynalabdinə bu nəsihəti edərdi: “Oğlum, zəhmətdən qorxma, çalış ta axırda özgəyə möhtac olmayasan”. Bu sözlər balaca, həssas uşağın qəlbində günbəgün yer edirdi. On yaşında uşaq atasının zəhmətini görüb, hisli ürəyi qəbul etmirdi ki, atası yalqız zəhmət çəksin. Ona görə təvəqqe edir ki, onu bir işə qoysun, tainki öz çörəyini qazana. Atası razı olub, on yaşında oğlunu bənna yanına palçıq daşımağa qoyur. Bu işdə uşağa gündə 6 qəpik verirlər, o isə birinci qazancını evə, atasına gətirir. Atası pulu götürüb, bir qədər çörək və pendir alır, sonra oğluna xeyr-dua verib deyir: “Pərvərdigara! Çox şükür ki, oğlumun qazancını yeyirəm”. Bu söz uşağın qəlbinə çox təsir edir. Bu gündən uşaq zəhmətini artırıb, öz gücündən artıq işlərə əl atır. Palçıq daşımağa kifayət etməyib, daşçıların işlərinə diqqət edir. On iki yaşında daş yonmağa başlayır, on beş yaşında bənnalıq sənətini yaxşı öyrənir, inşaatçı mühəndislərin işlərinə diqqət edirdi. Bənnalıqla kifayətlənməyib, bir müddətdən sonra podrat işlərinə yapışır. Mənfəətli podratlar hesabına bir qədər pul düzəldir (4). 1873-cü ildə podrat işlərini buraxıb, neft işlərilə məşğul olmağa başlayır. Neft işlərində dörd dəfə ruzigarın böyük zərbələrinə düçar olubdur ki, qazandığı pul əlindən birdəfəlik gedib. Amma bununla belə, məyus olmayıb özünə istirahəti haram edib və gününü zəhmətdə keçiribdir. Həmin bu vaxtlar atalıq borcunu fikrindən unutmayıb, uşaqlarına lazım olan tərbiyəni veribdir. Bu vaxtlar böyük oğlu İsmayıl (5) realnı məktəbi qurtarıb, atasına kömək edirdi, kiçik oğlu Sadıq (6) isə oxuyurdu. Vaxt oldu ki, Hacı şərikli Bibiheybətdə yer icarə edir və buruq salmağa məşğul olur. Xərc gündə artırdı, amma neft heç görünmürdü. Şərik yoldaşı buna davam gətirməyib, öz hissəsini Hacıya satır. Hacı isə borcdan qorxmayıb, başladığı işi qabağa aparır. Bu vaxtlar Hacı üçün çox ağır keçirdi. Xərc günbəgün artırdı, amma qazılan quyudan neft nişanəsi görünmürdü. Bunula belə, zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Həmin bu məşəqqətdə olarkən qazıdığı quyudan neft fəvvarə vurdu və Hacı məqsədinə çatdı. Bu gündən Hacı günbəgün qabağa gedir (7).

Zavodda qulluq edənlər söylərlər: “Biz bu şəxsin səbrinə və zəhmətinə təəccüb edirdik: bilmirdik ki, Hacı 24 saatda nə vaxt rahat olur”. Hörmətli Hacı atasının sözlərini qulluqçularına deyirmiş: “Zəhmətdən qorxmayın, uşaqlar!” Həmin qulluq edənlər söylərlər: “Hərçənd bizə rahatlıq yoxsa da, Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dildən xidmət etməyimizə səbəb olmuşdu. Bizə yaman söz deməyib təqsirimizdən keçirdi”.

Bu minvalla dövlət günbəgün artırdı. Amma bununla belə, hörmətli Hacı yetimləri və yoxsulları yaddan çıxarmazdı. Canları saf adamlar yolçuluq edəndə, pul verməyib işə göndərərdi, ta özləri zəhmət çəkib pul qazansınlar, əlsiz-ayaqsızlara pul verib imkanı qədər kömək edirdi. Bunu öz dövlətinin müqabilində az görüb, hörmətli Hacı yavaş-yavaş millət işlərinə diqqət edir. Müsəlmanların mədəniyyətdə və məişətdə geridə qalmaqlarının ümdə səbəbini elm olmamaqda bilib başlayır yetim uşaqları öz xərcinə oxutmağa. Onun xərcinə elm təhsil edib qurtaranların tərbiyəsinə hörmətli Hacı 38848 rubl xərc edibdir. Bu cavanlar aldıqları elmlərin hesabına indi xoş həyat sürürlər. Elmlərini təhsil edib qurtaran cavanların yerinə təzə uşaqlar götürüb, lazım olan məxarici edir. Bu halda onun xərcinə oxuyan uşaqların hamısına ildə 3000 rubl sərf olunur.

Başqa məktəblərdə yetim uşaqlara kömək məqsədilə dörd məktəbə fəxri hamilik edir, onlara ildə 2000 rubl xərcləyir (8).

Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və kənd əhli üçün elm oxumağın çətinliyini nəzərə alıb, Mərdəkan əhlinə bir böyük xidmət göstəribdir. 1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 şagirdlik sənət məktəbi inşa edib. Bu məktəbdə Azərbaycanca və rusca oxumaqdan savayı uşaqlara elmi əsaslarla çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan və ətrafda olan başqa kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək bilsinlər! Həmin məktəbin binasının tikintisinə 31240 rubl sərf olunub və ildə 5000 rubl xərclənir (9).

Millətə ikinci qiymətli bəxşişi təzə açılan qız məktəbidir ki, orada müsəlman qızları tərbiyə alacaqlar (10). Bu məktəb barəsində bir az söhbət edərik. Filosoflar tifil uşağı yumşaq çubuğa oxşadıblar, yəni necə çubuğu hər tərəfə əymək olar, elə də tifilə nə cür tərbiyə verilsə, böyüyəndə o tərbiyədə olacaqdır. Tifilin hafizəsi çox iti olur: nə görsə götürür, nə eşitsə hafizəsində saxlayır. Bunu hər şəxs özündə mülahizə edə bilər. O şeirlər ki, şəxs uşaq vaxtında əzbər edir, qocalanadək həmin şeirlər hafizəsində qalır. Amma 20-30 yaşında və daha gec öyrəndiyi şeirlər gündə təkrar etməsə, unudulur. Beləliklə, uşağın ibtidai tərbiyəsi ilə üsullu rəftar etmək gərəkdir, çünki əvvəldən uşağa nə yol göstərsən, o yol ilə gedər. 8 yaşınadək uşağa tərbiyə verən anadır… İndi insaf nəzəri ilə baxaq, bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda uşaqların dili açılanda əvvəlinci sözləri dualardır, bizimkilərinki – söyüş! Onların uşaqları şəkilli kitablar ilə oynayırlar, bizimkilər palçıqda, tozda, torpaqda dələnirlər! Onların uşaqları nahardan qabaq əllərini yuyub dua oxuyurlar və bir yerdə nahar edirlər, bizimkilər əlləri çirkli, əllərində bir parça çörək və pendir küçələrdə göyşüyürlər. Onların ata və anaları uşaqların yanında gözəl söhbətlər edirlər, bizimkilər uşaqların yanında bir-birinə pis sözlər deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər. Onlarda evə qonaq gələndə, övrət övrət ilə qeybət edəndə, uşaqları başqa otaqda saxlayırlar, bizimkilər qeybət edəndə uşaqları dizlərinin üstündə otuzdururlar. Belə analardan bizim biçarə tifillər nə tərbiyə alsınlar? Belə tərbiyədən sonra bu uşaqlardan nə gözləmək? Əlbəttə, analarımız tərbiyəli olsalar, uşaqlarımız da tərbiyəli olarlar. Heç bir ata və ana uşağının bədbəxtliyini onun ağlının naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün… Övlad yaman dərdə mübtəla olanda, onun əvvəlinci düşmənini öz tərbiyəsində görsün. Doğrudur, heç bir ata və ana övladının bədbəxtliyini istəməz, amma nə fayda, işin mahiyyətinə diqqət edəndə görürük ki, övladın bədbəxt olmağına birinci səbəb özümüzük…

Alim üçün bu məsələni kəşf etməyi lazım bilmirik. Bundan əlavə axır zamanda oğlanlarımız mədəniyyət dalınca gedib mərifətdə tərəqqi edirlər. Bunların həyata və məişətə baxışları dəyişir. Bəs bu mədəniyyətli, mərifətli cavanlarımıza mərifətli, mədəniyyətli övrətlər lazım gəlmirmi? Günbəgün tərbiyəli cavanların hesabı artır, amma nə fayda, həmin cavanlar evlənməkdən əsla fikir etmirlər, çünki tərbiyəli qızlarımız yoxdur və tərbiyəsiz qızları özlərinə ömürlük yoldaş etmək oğlanlar üçün böyük məsələdir. Bunlar gələcəkdə uşaqlarının fikrinə qalırlar. Həmin bu məsələ Bakıda ataların və anaların ürəklərində gərəkdir yer etsin. Bir nəzər et, gör, ərə gedən qızlarımızdan nə qədər bədbəxt olan var. İnsafsız, namərd cavanlar biçarə pakizə qızları alıb, sonra yaman yollara düşürlər. Məgər övrətin xoşbəxtliyi yemək-içməkdə, zər-ziba içində olmaqdadır? Doğrudur, bu cavanların əksəri lazım olan tərbiyə dadmayıbsa və çoxunun ağlını dövlət paslandırıbsa da, amma yəqin ki, qızlarımız tərbiyəli və mərifətli olsaydılar, hər halda oğlanlarımız ağla gəlməyən işləri etməzdilər. Çünki ağıllı övrət pis kişini həmişə yaman yoldan saxlar. İndiki zamanda evli cavanlarımız pis yollarda, biçarə qızlarımız qanlı yaşlar tökürlər, atalarımız onlara “səbr edin”, – deyib ah-vay edirlər. Haçanadək dilsiz qızlarımız səbr edəcəklər? Haçanadək bunlar ağılsız, insafsız cavanlarımızın zülmlərinə davam etsinlər? Hörmətli Hacının bu məsələlərdə bizimlə həmfikir olmağına şübhəmiz yoxdur. Hərçənd bir neçə nadan, dünyadan bixəbər şəxslər həmin məktəbin düşməni hesab olunurlarsa da, ancaq onları biz millətə quyu qazanlardan hesab edirik. Onlar üçün də tarixin səhifələri açıqdır. Doğrudur, hərgah bu məktəbdə dinə və ya məzhəbə zərər vuran bir şey olsaydı və ya həmin məktəb bir özgə dona girsə, onun birinci düşməni biz olarıq. Halbuki bu məktəbdə qızlarımız dörd il dərs oxuyacaqlar: üç il müsəlmanca və dördüncü il rusca. Əl işi öyrənəcəklər. Oxuyan qızlardan 20 nəfər yetim cənab Hacının xərcinə tərbiyə alacaqlar və bunlara ildə 8000 rubl sərf olunacaqdır. Məktəbin tikintisinə hörmətli Hacı 300000 rubla qədər xərc edibdir.

1896-cı ildə Hacı əlindəki 20 milyonluq zavodu 5 milyon yarıma satıb bez fabrikini inşa etmək fikrinə düşdü. Cənab Hacının hərəkəti puldan gözləri doymayanları, ancaq dövlətdə xoşbəxtlik görənləri təəccübə gətirdi. Bununla belə, Hacının fikrindən xəbərdar olanlar onun bu işdə fədakarlığına təəccüb edirdilər. Zavodu satmağa birinci səbəb bu olub ki, ömrünün axırını rahatlıqla keçirsin. Zavod sahibləri bu işin zəhmətini və məşəqqətini bilirlər. Ondan başqa fabrikin işinin zavodun işindən təmiz və rahat olmağına şübhə yoxdur. Hərgah desək ki, qeyrətli Hacı zavod əvəzinə fabrik açmağında da insaniyyətliyini göstəribdir, asan dövlət qazananlar, dövləti ilə kor olanlar Hacının əməlinə gülərlər. Həqiqətən, bir fikir yetirək: zavodda yüz adamın çörək tapmağı fabrikdə min adamın çörək tapmağına bərabərdirmi? Qafqazda benzin qiymətinin birə on ucuzlaşmağı vətənə azmı xidmətdir? (11).

1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar Xeyriyyə Cəmiyyətini yaradıblar. Belə cəmiyyətlərdən mədəniyyətli millətlərdə çoxdur və indi onların insana faydası və millətə köməkliyi həddindən artıqdır. Peterburq din qardaşlarımızın Müsəlman Xeyriyyə Cəmiyyətini açmaqdan məqsədləri təhsil alan müsəlmanlara və başqa şəhərlərdə məktəblər, qiraətxanalar və xəstəxanalar açmağa kömək etməkdir. Bu işdə qeyrət və pul gərəkdir ola ki, camaat gözəl məqsədlərə çatsın. Burada da qeyrətli, səxavətli Hacı camaata böyük xidmət göstərib: 11000 rubl Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinə bəxşiş edibdir! Bunun əvəzində cəmiyyəti yaradanlar hörmətli Hacını ömürlük üzv seçib, böyük təşəkkürlər ediblər (12).

Qeyrətli Hacı bunlarla kifayətlənməyib, Azərbaycan və fars ədəbiyyatına xidmətlər göstəribdir. Axır zamanda ədəbiyyat yolunda işləyən cavanlarımızın hesabı günbəgün artır. Amma heyif ki, yazanlarımızda pul, dövlətlilərimizdə qeyrət yoxdur, ona görə millətə yazdıqları kitablar çap olunmur. Qeyrətli Hacı buna diqqət edib, millətə xeyir gətirən kitabları öz xərcinə çap etdirib. Hacının xərcinə çap olunan kitablar bunlardır:

1) Molla Əbdüssəlam Axundzadənin (13) “Tarixi-müqəddəs” əsəri – 500 rubl xərc olunubdur.

2) “Şərabçı” (14).

3) Soltanməcid Qənizadənin (15) “Allah divanı” əsəri – 300 rubla qədər xərc olunubdur.

4) “Əşari-Seyid Əzim Şirvani” – 500 rubl xərc olunubdur.

5) Nəriman Nərimanovun “Nadir şah” əsəri – 350 rubl xərc olunubdur. Bu əsər cənab Hacının xahişinə görə fars dilinə tərcümə olunur və çap ediləcəkdir.

Hacı 1895-ci ildə Bakıda rus dilində çıxan “Kaspi” qəzetini 57000 rubla alıbdır. Bu qəzeti almaqda da hörmətli Hacının fikrində vətəndaşlarına kömək və xidmətlər etmək var imiş (16).

Bundan savayı Hacı İranda, İstanbulda, Hindistanda və Misirdə çap olunan qəzetlərə müştəri tapmaqla və özü bir neçəsinə pul bağışlamaqla xidmətlər göstəribdir. Qəzetin insana mənfəətini nəzərə alıb və bəzi ruhanilərin mətbuata qarşı hörmətsiz baxışlarını görüb, onların gözlərinin qəzetlər vasitəsilə açılmağını özünə yəqin edib (17).

Bu möhtərəmin qeyrəti insanı, həqiqətən, heyran edir! Təəccüb doğuran budur ki, 18 il bundan əvvəl Bakıda Hacıdan dövlətli və mədəniyyətli şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq Bakıda ilk teatr binasını tikən hörmətli Hacı olub (18).

Teatrın insana mənfəəti, ruha ləzzəti barədə dəfələrlə yazmışıq. Teatr böyüklər üçün məktəbdir. Həmin məktəbdə görmədiyimiz şeyləri və görüb diqqət etmədiyimiz əhvalatları görüb və eşidib, pis əməllərdən ibrət və yaxşı sifətlər əxz edirik: ağlımız üçün qida və ruhumuz üçün ləzzət alırıq. Həmin bu teatrda Bakının mərifətli cavanları xeyriyyə cəmiyyətləri üçün ildə bir neçə dəfə Azərbaycan dilində komediya oynayırlar. Teatrın bir gecəlik kirayəsi 100 rubldursa, hörmətli Hacı kirayədən keçib hər dəfə xeyriyyə cəmiyyətlərinə pul da bağışlayır. 1900-cü ildə 100000-ə qədər xərc qoyub teatrı təzələndirdi: yeri balacadırsa da, özü gözəl bir teatr olub. Hörmətli Hacının teatra olan qulluqlarını erməni teatrının artistləri nəzərə alıb, 1900-cü ildə ona razılıq etdilər və bir gözəl kağızın üstündə yazılmış nitqlərini gözəl cilddə Hacıya bəxş etdilər. Həmin kağızın üzərində bu sözlər yazılmışdı: “Hörmətli Hacı Zeynalabdin! Qədim zamandan, yəni qədim yunanlardan, ərəblərdən və başqa mədəniyyət yolunda can qoyan xalqların vaxtından bəri teatrın ağla və ruha tərbiyə verməyi gün kimi aşkardır. Bakı başqa şəhərlər kimi qaranlıqdan işıqlığa düşməyə çalışır, amma bu vaxtadək bu şəhərdə kimin fikrinə düşüb ki, teatr üçün bina tikdirsin? Bizə yaxşı məlumdur ki, Bakıda bu fikrə düşən əvvəl Siz olubsunuz, hörmətli və qeyrətli Hacı! Ancaq Siz bu fikirdə olub teatrı icad edibsiniz, həmin teatrı ki, neçə illər ərzində gün tək şəfəqlərini yayır. Biz – erməni teatrının qulluqçuları Sizin bu barədə olan zəhmətinizi və mərhəmətinizi hiss edib, bu gün təzə bəzənmiş teatrı görüb şadlanırıq, bu günü bayram edirik və can-dildən yekdil Sizə öz hissiyatımızı zikr edirik: sağ olsun bu teatrı bina edən! Sağ olsun hörmətli və qeyrətli Hacı Zeynalabdin!”.

Bu sözlərdən gözləri yaşarmış hörmətli Hacı dedi: “Sizdən nəhayətdə razıyam, Sizin sözləriniz gələcəkdə teatra daha da böyük xidmətlər göstərməyimə səbəb olar”.

Həqiqətən, millət bu cür şəxslərin xidmətlərinə nə qədər dürüst qiymət qoysa, onlar o qədər də qeyrətlərini və səxavətlərini artırarlar.

Cənab Hacının xidmətləri təkcə müsəlman millətinə olmayıb. O, başqa millətlərə, dövlət, camaat tərəfindən görülən işlərə böyük xidmətlər göstərib və göstərir. Nəinki Bakıda, hətta başqa şəhərlərdə də təzə açılan xəstəxanalara, məktəblərə, xeyriyyə cəmiyyətlərinə cənab Hacının böyük ianələri olub və olur. Başqa millətlər Hacının qulluqlarının əvəzində ona lazım olan hörməti göstərib, həmişə qəzetlərin səhifələrində Hacını tərif edirlər. Dövlət də ictimai ianələrinin əvəzində ona lazım olan təltifləri (Stanislav 3-cü dərəcəyədək) verib. Bu təltiflər şəhadətlik verir ki, padşahımız İmperator-əzəm hörmətli Hacının insana, millətə və vətənə olan xidmətlərini diqqətsiz qoymayıb. Bundan savavı başqa dövlətlərdən də Hacının təltifləri vardır (19). 1872-ci ildən cənab Hacı Bakı dumasında qlasnı hesab olunur, bu qulluqda hörmətli Hacının həm şəhərə, həm də cəmiyyətə böyük köməkliyi çatıb və çatır (20).

Bu vaxtadək qeyrətli Hacının ümumi ictimai və millət işlərinə 100000 rubla qədər xərci olubdur! Bu fani dünyada dövlətdən ötəri insaflarını satanlar bunu oxuyanda, yəni pulun qədərini görəndə ağızları açıq qalacaqdır! Başqalarından utanmasalar da, öz aləmlərində özləri özlərindən utanacaqlar!..

Cənab Hacı hal-hazırda 63 yaşında olsa da, çox diribaş görünür. Özü ortaboy, tökməşəxsdir. Hər bir əzası dürüst, üzündən ağlı, kamalı məlum olunur. Səhər saat 10-dan ta 2-dək qeyrətli Hacı kontorunda olub gündə 30-40 nəfər ilə söhbət edir və arada məişət işlərinə diqqət edir. Hər gün rus mirzəsi rus dilində məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə çıxan türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı siyasi məsələlərə artıq diqqət edir. Hörmətli Hacının bu yaşında yaddaşının itiliyinə məəttəl qalmaq olar. Gündə on qəzetə qədər oxunur, sabahı hamısından xəbər verməyə hazırdır: hansı əhvalatın hansı qəzetdə olmağını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı hazırda siyasətdən, mədəniyyətdən, mərifətdən xəbərdar olan şəxsdir. Nəinki türkcə, hətta rusca mərifətdən və mədəniyyətdən söhbət etməyə qadirdir. Mədəniyyətli şəxslər Hacının elmlərdən və tarixdən xəbərdar olmağına təəccüb edirlər.

Xasiyyəti çox mülayim, özündən kiçiklərə həmişə hörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə əməl edən, haqq sözdən qaçmayan, günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən çəkinən, ürəyi saf hissli bir şəxsdir. Hörmətli Hacı teatrı çox sevir. Hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır.

Bəli, hörmətli Hacı 50 il zəhmət çəkib milyonlar cəm edibdir. Onun cəm etdiyi milyonlardan insana və millətə mənafe yetişibdirmi? Hərgah yetişibsə, bu möhtərəm şəxsin xidmətlərinin əvəzində millət nə etməlidir? Təklifi nədir? Bu məsələni həll etmək bir adamın işi olmayıb, mərifətli müsəlmanlar bu barədə gərəkdir məşvərət edələr və məşvərət məqamında cənab Hacının millətə xidmətlərini qeyri-müsəlman milyonçularının işləri ilə (Bakıda xüsusən) bir tərəziyə qoyarlar. Həmin məqamda hörmətli Hacının millətə olan qeyrətinin qiyməti ariflər yanında birə beş artar. Böyük hünərdir, əzizim, insan öz sağlığında xeyriyyə cəmiyyətlərinə bu qədər xərc etsin! Bu qeyrətdə şəxslərin həyatı xarici millətlərin bizim barəmizdə olan hörmətsiz fikrini puç etməyə səbəbdir. Mədəniyyətli millətlər bizə mədəniyyətdən üz döndərən, vəhşi, vətənin və millətin imdadına çatmayan deyirlər. Səbəb? Səbəb budur ki, Hacı kimi dövlətli müsəlmanlardan mini qara torpağa gedibdir və gedəcəkdir, amma vətənə və millətə Hacı edən xidmətlərin mindən birini etməyiblər.

Hal-hazırda Bakıda azmı hacılar var? Nə fayda! Bu biçarələr pulları sandıqlara yığır, faizə pul verib yoxsulların evlərini yıxırlar… Bunlar gündə beş vaxt namaz qılıb Xudavəndi-aləmdən nə yalvarırlar? Ancaq dövlətin artmağını! Əlsiz-ayaqsız yetimlər bunlara əllərini açanda “boyunları albuxara torbasına” oxşayan dövlətlilərimiz bu yetimlərə məğrurluq ilə baxıb onları pis sözlə özlərindən rədd edirlər. Şəriət qoyan zəkat və xüms bunların fikirlərindən tamamilə çıxıb. Hələ utanmayırlar, gözlərini o dünyaya dikiblər ki, Xudavəndi-aləm bunları bağışlayacaqdır. Ey biçarələr! Hərgah ümidinizi o dünyaya bağlayıbsınız, axirət gününün sahibinə nə cavab verəcəksiniz? Bəli, başqa adamın malı ilə milyonlar qazanıbsınız. Biçarə fəhlələri gecə-gündüz işlədib haqlarını kəsibsiniz. Bu fikirlə ki, min nəfər fəhlənin hərəsindən 2 qəpik kəssən, bir gündə 20000 qəpik olar deyib dövlət qazanıbsınız. Gündə min dəfə yalan danışıb, Allah və peyğəmbərə and içib, müşkül olan işlərinizi keçirdibsiniz, gündüzlər öz cinsinə yüz min quyu qazıb, gecələr toyuq plov yeyibən üstündən qəlyan xoruldadıb, özgələrin qeybətini edibsiniz. İldə iki dəfə məscidlərdə, başqaları bilsin, eşitsin deyə, pullar bağışlayıbsınız və adınızı uca səslə dedizdirib dua etdiribsiniz, ancaq adınız “Hacı” olsun deyə, Məkkəyi-müəzziməyə gedibsiniz və gələndə töhfələr gətirib işiniz keçən adamlara bəxşiş edibsiniz, ya da birə-beş qiymətə satıbsınız…

Böyük Allahın suallarına cavablarınız bunlarmı olacaqdır? Yoxsa özünüzə təsəlli verib deyirsiniz: “Bu dövləti övladım üçün qazanmışam ki, məndən sonra özgəyə möhtac olmasın”. Yoxsa bunu özünüz üçün savab bilirsiniz? Hərgah belədirsə, ey bədbəxt, qəflət yuxusunda imişsən! Səndən sonra min yamanlıq ilə qazandığın dövlət sənin tərbiyəndə olan övladının əlinə düşüb az müddətdə puç olacaqdır, çünki sən pulun qədrini bilirdin: can qoymuşdun, yüz min pis əməlləri özünə qəbul etmişdin, amma övladın zəhmətin qədrini bilməyib sənin illərlə topladığın pulu saatlarla səpəcəkdir. Səndən sonra nə etsə, yenə yaxşıdır! Bir göz aç, gör, saatda neçə dəfə səni söydürür, məzhəbə, dinə necə rişxənd edir! Bu hələ sənin həyatında, səndən sonra nə olacağını hiss etmirsənmi? Heç olmasa vətənə, millətə xidmət göstərmirdin, öz övladına diqqət edəydin, ona lazım olan tərbiyəni verəydin, ta səni hər iki dünyada üzüqara etməyəydi. Sən həmin o şəxslərin cərgəsindəsən ki, ancaq ölən günü əbədilik adətinə görə sənə rəhmət deyəcəklər, yəni dildə rəhmət oxuyub, ürəkdə lənət deyəcəklər. Öz həyatında yamanlıqla cəm etdiyin dövlətin bir cüzi hissəsini dinin rövnəqinə və millətin xeyrinə vəsiyyət etsən, ümid var ki, pis əməllərin bir vaxtdan sonra yaddan unudular. Amma indiki halətini bir dürüst fikrə gətir! Bir saat dünyanın işlərindən – zövq və səfasından, zəhmət və məşəqqətdən əl götürüb düşün, gör ki, çəkdiyin zəhmətlər, top etdiyin milyonlar nə özün üçün, nə övladın üçün, nə bu dünya və nə axirət üçün imiş.

Bəli, bu şəxslər arasından cənab Hacı Zeynalabdin Tağıyevin seçilməyi bizim başqa millətlər yanında başımız uca olmağa səbəbdir. Həqiqətən, hərgah hörmətli Hacı elm təhsil etmiş olsaydı, millətə və vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki, indi. Çünki həqiqi elm vətənə və millətə qulluq etməyi tərbiyə verir. Doğrudur, oxuyanlarım irad tuta bilərlər ki, elmlər təhsil edib dövlət sahibi olanların əksəri niyə bu fikirdə deyil? Onlara cavab bu olur ki, elm sahibləri əxlaqı düzəltməkdən ötrü elmləri öyrənməyiblər, bir sənət öyrənmək məqsədilə elmin dalınca gediblər. Yoxsa həqiqi elm ki, insanın ruhunu təmizləyir, bu şəxslərdə olsaydı, bunlar da vətənin və millətin fikrində olardılar. Çünki həmin elmin tərbiyəsi onadır, necə ki, atəşin təbiətində yandırmaq var. Belə elm hörmətli Hacıda olmaya-olmaya bunun xidmətləri hansı aqili təəccübə gətirməz? Qeyrətli Hacının vətənə, millətə və insana olan səxavətindən sonra xarici millət deyə bilərmi: “müsəlmanlar nadan, vəhşi, ictimai və dövlət işinə yaramayan tayfadır?”

Doğrudur, çox azdır, ancaq tək-tək tapılar. Ancaq bu cür fədakarların xidmətlərinə dürüst diqqət edib qiymət qoymaq millətin və vətəndaşların borcudur. Biz nə qədər bu möhtərəm şəxslərin xidmətlərinə insafən qiymət qoysaq, onların comərdlik, şərəf və qeyrətləri o qədər günbəgün artar. Vətən və millətpərəstlərə ancaq bu lazımdır, nəinki özgə bir şey!

Ümid edirik ki, hörmətli Hacının varisləri o möhtərəm şəxsin yolu ilə gedib dinə və millətə xeyirxah olarlar. Bunda şübhəmiz yoxdur, çünki cənab Hacının varisləri lazım olan tərbiyəni alıb rəva görməzlər ki, qeyrətli Hacının gözəl işləri puç ola!

Əhli-qələm qardaşlarımız bunların millətə olan xidmətlərini nəzərdən keçirib millət tarixinin səhifələrinə yazarlar, tainki gələcəkdə balalarımız oxuyub qəlbləri şad olsun və gözləri açılsın. Bilsinlər ki, bizdə də millət qeyrətini çəkənlər varmış! Düşünsünlər ki, hərçənd bu şəxslər dünyadan köçüblər, onunla belə isimləri millətin dilində hörmətlə zikr olunur…

Qeyd və şərhlər:

1. Göstərilən tarixdə yubileyin keçirilməsi baş tutmamışdır. Çox güman ki, H.Z.Tağıyevin təsis etdiyi rus-müsəlman qız məktəbinin 1901-ci il oktyabrın əvvəllərinə təyin olunan açılışına hazırlıqla, həmçinin sentyabrda məktəbə şagird və müəllim qəbulu ilə əlaqədar Hacının ictimai fəaliyyətinin 50 illiyi geniş qeyd olunmamışdır.

2. H.Z.Tağıyevin doğum tarixi ilə bağlı fərqli mülahizələr mövcuddur. XIX əsrin sonu-XX əsrin əvvələrinə aid müxtəlif mənbələrdə onun təvəllüdü aşağıdakı illərlə göstərilib: 1823, 1838, 1841, 1842. N.Nərimanovun H.Z.Tağıyevin tərcümeyi-halını yazan ilk müəllif olduğunu nəzərə alaraq, onun 1838-ci ilə istinad etməsi məhz bu tarixin doğruluğunu təsdiqləyir (bu barədə ətraflı bax: F.Cabbarov. Hacı Zeynalabdin Tağıyevin doğum tarixinin müəyyənləşdirilməsinə dair. // Milli Azərbaycan Tarixi Muzeyi–2009, s. 308-316).

3. Zeynalabdin Tağıyev hələ uşaq ikən anası Umxanımı itirmiş və atasının himayəsində yaşamışdır. 1849 və 1860-cı illərə aid mənbələrdə Zeynalabdinin Əliqulu adlı qardaşının adı qeyd olunur. Atasının ikinci nikahından daha beş övladı dünyaya gəlmişdir. Təəssüflər olsun ki, H.Z.Tağıyevin qardaşları və bacıları haqqında heç bir məlumat yoxdur.

4. N.Nərimanov Hacının bənnalıqdan başlayan, sonra isə podrat işləri və neft biznesi ilə davam edən əmək fəaliyyəti haqqında yazarkən bir vacib məqamı qeyd etməmişdir. Əslində isə bu, o dövrün əksər iş adamları kimi H.Z.Tağıyevin də sahibkarlığa ticarətdən gəlişini əyani şəkildə izləməyə imkan verən faktdır. Belə ki, XIX əsrin 50-ci illərinin sonu–60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başlamışdır. Onun bu dövr sahibkarlıq fəaliyyətində torpaq sahələri ilə əməliyyatlar xüsusi yer tuturdu. Onların bəziləri yaşayış evləri, ticarət obyektləri, mədəni və inzibati mərkəzlər tikintisi üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodu satın almışdır.

5. İsmayıl Zeynalabdin oğlu Tağıyev (1866-1930) – Bakı real məktəbini bitirmiş, 1895-ci ilin avqustunda həmin məktəbin fəxri hamisi təyin olunmuşdu. 1906-cı ildə Azərbaycanda keçirilən seçkilərdə Bakı quberniyasından Rusiyanın II Dövlət Dumasına deputat seçilmiş, lakin Peterburqa getməkdən imtina etmişdi. XIX əsrin 90-cı illərinin əvvəllərində o, general Balakişi bəy Ərəblinskinin böyük qızı Nurcahanla (Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın böyük bacısı) ailə həyatı qurmuşdu.

6. Sadıx Zeynalabdin oğlu Tağıyev (1868-1943) – atasının bir çox müəssisəsinin həmtəsisçisi. Mirzə Fətəli Axundzadənin nəvəsi Mələksima Qacarla ailə həyatı qurmuşdu.

7. N.Nərimanovun bəhs etdiyi hadisə 1873-cü ildə baş verib. Həmin vaxt H.Z.Tağıyev şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır və “H.Z.Tağıyev neft sənayesi firması”nı yaradır. Uzun müddət qazıma işlərinin aparılmasına baxmayaraq neft görünmür. Lakin H.Z.Tağıyev ruhdan düşmür və qəribə bir inamla axtarışı davam etdirir, hətta qazıma işlərində şəxsən iştirak edir. 1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurur. Hacı Bakının ən varlı adamlarından birinə, onun az tanınan mədəni isə böyük müəssisəyə çevrilir. Sonrakı illərdə H.Z.Tağıyevin neftçıxarma müəssisəsi qazıma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilir. Abşeronda neftli torpaqlar, neftdaşıyan gəmilər, Bakıda və Rusiyanın müxtəlif şəhərlərində anbarlar, ağ neft və sürtkü yağları istehsal edən zavodlar ona məxsus idi. XIX əsrin 80-ci illərində H.Z.Tağıyevin firması 10 mln. pud (1 pud = 16,38 kq) neft hasil edirdi, 1893-cü ildə hasilat 20 mln. puda çatmış, 1896-cı ildə isə 32 mln. pudu keçmişdi. “Rotşild qardaşları” Paris bankir evinin məlumatına görə, H.Z.Tağıyevin neft işi 20 mln. rubla qiymətləndirilirdi (Hacı Zeynalabdin Tağıyev. Müəllif heyəti: N.Vəlixanlı, N.Tahirzadə, F.Cabbarov, M.Məmmədov. İstanbul, 2010, s. 4, 17).

8. H.Z.Tağıyev Bakıdakı Orta texniki, Kommersiya məktəblərinin, Mariya qadın gimnaziyasının fəxri hamisi, Tiflisdəki müsəlman məktəbinin fəxri nəzarətçisi vəzifələrini daşıyırdı.

9. Mərdəkan bağçılıq məktəbinin tikintisi 1894-cü ildə başlamış, açılışı isə 1896-cı ildə olmuşdur.

10. H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olmuşdur. O, Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoymuşdur.

11. H.Z.Tağıyev 1897-ci ildə özünün neft firmasını ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa 5 mln. rubla satmışdı (N.Nərimanov səhvən 5,5 mln. göstərir). Bundan sonra o, bütün bacarıq və varını böyük bir layihənin həyata keçirilməsinə – Cənubi Qafqazda yeni sənaye sahəsinin yaradılmasına yönəltmişdi. Bu məqsədlə Hacı Bakıda toxuculuq fabrikini açmaq qərarına gəlmişdir. Müəssisə 1900-cü ildə fəaliyyətə başlamışdır. Bu, Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahəsinin yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi.

12. Peterburq Müsəlman Xeyriyyə Cəmiyyəti 1898-ci ildə yaradılmışdır. Cəmiyyətin məqsədi yoxsul müsəlmanlara yardım etmək, ehtiyacı olan şagirdlərə orta və ali məktəblərə daxil olmaq və təhsillərini davam etdirməkdə kömək göstərmək idi. H.Z.Tağıyev cəmiyyətin yaradıcılarından biri olmuş, onun şurasının fəxri üzvü seçilmişdir. O, müəssisənin fonduna toxunulmaz kapital kimi 51 min rubl köçürmüş və cəmiyyətin maliyyə bazasının möhkəmləndirilməsi üçün xeyli işlər görmüşdür.

13. Axund Əbdüssəlam Axundzadə (1843-1907) – din xadimi, maarifçi. 1880-1894-cü illərdə Zaqafqaziya seminariyasının Azərbaycan şöbəsində şəriət müəllimi olub. 1894-1907-ci illərdə Cənubi Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. Dinə və şəriətə dair bir sıra elmi əsərlərin müəllifidir.

14. Rus yazıçısı Lev Tolstoyun “Əvvəlinci şərabçı” əsəri nəzərdə tutulur. Əsər Soltanməcid Qənizadə tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və H.Z.Tağıyevin maliyyə vəsaiti ilə çap edilmişdir. Əsər uzun müddət Tağıyev teatrının səhnəsində oynanılmışdır.

15. Soltanməcid Qəniyev (Qənizadə) (1866-1937) – maarif xadimi, yazıçı, alim. Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda ali pedaqoji təhsil almışdır. Həbib bəy Mahmudbəyovla birlikdə Bakıda ilk rus-tatar (Azərbaycan) məktəbini yaratmışdır. 1908-1917-ci illərdə Bakı quberniyası və Dağıstan vilayəti Xalq Məktəbləri Müdiriyyətinin 2-ci rayonu üzrə müfəttiş, 1917-1918-ci illərdə isə Vilayət Xalq məktəblərinin müdiri işləmişdir. Ömrünün sonunadək maarif sahəsində çalışmışdır.

16. “Kaspi” – 1881-ci ildən 1919-cu ilədək Bakıda rus dilində nəşr olunan ictimai-siyasi, ədəbi qəzet. 1897-ci ildə H.Z.Tağıyev “Kaspi”nin sahibi olmuş, qəzetin redaktorluğunu böyük ictimai xadim, hüquqşünas Əlimərdan bəy Topçubaşova (1863-1934) həvalə etmişdir. Məhz H.Z.Tağıyevin və Ə.Topçubaşovun səyləri nəticəsində milli ziyalıların qəzetin ətrafına toplaşması “Kaspi”ni mütərəqqi mətbuat orqanına, Azərbaycan cəmiyyətində gedən proseslərin başlıca müzakirə mərkəzlərindən birinə çevirdi.

17. Məktublarının birində dövri nəşrlərə öz münasibətini bildirən H.Z.Tağıyev yazırdı: «Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram». XX əsrin əvvəllərində Bakıda çıxan «Həyat» qəzeti, “Füyuzat” jurnalı H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunurdu. Böyük xeyriyyəçinin vəsaiti hesabına qəzetlər təkcə Bakıda nəşr olunmurdu. H.Z.Tağıyev Dağıstanda çıxan ilk ictimai-siyasi “Tanq çolpan” jurnalını, İranda nəşr olunan «Müzəffər» və «Gilan» qəzetlərini maliyyələşdirmiş, İrandakı “Tərbiyəçi” və Krımda çıxan “Tərcüman” qəzetlərinə maddi yardım göstərmişdir.

18. Bakıda ilk teatr binası 1883-cü ildə H.Z.Tağıyevin vəsaiti ilə tikilib başa çatdırıldı. 1888-ci il oktyabrın 27-də ilk tamaşa səhnəyə qoyuldu. 1890-cı ildə isə Hacı 80 min rubl xərcləyərək, teatrın binasını yenidən qurdurdu. Teatrda parter və lojaların yarusları ilə birlikdə 578 yer var idi. Teatrın açılışı Azərbaycanın mədəni həyatında böyük hadisə oldu. Bu münasibətlə “Kaspi” qəzeti yazırdı: “Nəhayət, Bakıda əsl teatr meydana gəldi. Bunun üçün Tağıyevə minnətdar olmalıyıq”. Tağıyev teatrının binasında hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrı yerləşir.

19. H.Z.Tağıyev aşağıdakı orden və medallarla təltif olunmuşdur: üzərində “За усердие” (“Səyinə görə”) yazısı olan iki gümüş və üç qızıl medal, İmperator III Aleksandrın hakimiyyəti dövrünün gümüş xatirə medalı, “Qırmızı Xaç” Fərqlənmə nişanı, Müqəddəs Stanislav ordeninin III və II dərəcələri, İranın “Şiri-Xurşid” ordeninin I-V dərəcələri, Buxaranın II dərəcəli qızıl və gümüş ulduzları.

20. Tarix səhv göstərilib. Əslində Bakı şəhər duması 1878-ci ildə fəaliyyətə başlamışdır.

HACI ZEYNALABDİN TAĞIYEVİN TƏRCÜMEYİ-HALININ YAZILMASINA DAHA BİR TƏŞƏBBÜS

1903-cü ildə Hacı Zeynalabdin Tağıyevə həsr olunan daha bir kitab işıq üzü görmüşdür. Bakının Birinci mətbəəsində Azərbaycan və fars dillərində nəşr edilən “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” oçerkinin müəllifi dəqiq məlum deyil. 1993-cü ildə çıxan “Hacı Zeynalabdin Tağıyev” kitabının tərtibatçıları Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlu əsərin tanınmış ziyalı, din xadimi Axund Yusif Talıbzadə8 tərəfindən yazıldığını ehtimal edirlər. 2006-cı ildə “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” əsərinin “Cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” adı ilə latın əlifbasında çıxan nəşrində müəllif kimi Hacı Axund Molla Ruhulla Molla Məhəmməd9 göstərilir.

İlk mənbələrdə heç bir məlumatın olmaması kitabın müəllifini dəqiq müəyyənləşdirməyə imkan vermir. Əsərin Axund Molla Ruhulla tərəfindən yazılması ehtimalı konkret faktlarla təsdiq olunmadığından inandırıcı deyil. Lakin 1993-cü ildə çıxan “Hacı Zeynalabdin Tağıyev” kitabının tərtibçiləri Axund Yusif Talıbzadənin müəllif olması ehtimalını belə bir maraqlı faktla əsaslandırırlar. Onlar A.Y.Talıbzadənin aşağıdakı iqtibasını gətirirlər: “…Ürəyim istəyirdi ki, H.Z.Tağıyevin fəaliyyətləri barədə bir kitab yazım və onun xidmətləri orada müfəssəl surətdə cəm olunsun. Hörmətli Nəriman bəy Nərimanov böyük zəhmət çəkib, Hacının 20 sentyabr 1901-ci ildə qeyd ediləcək əlli illik fəaliyyəti münasibətilə müxtəsər bir kitab yazdığına görə mən həmin əsəri fars dilinə tərcümə etməyə başladım. Tərcümə zamanı məlum oldu ki, Hacı çox istəyir ki, N.Nərimanovun Azərbaycan dilində yazdığı çox gözəl kitab olan “Nadir şah”ı fars dilinə tərcümə edim və çap olunsun. Mən Hacının özü ilə danışdıqdan sonra “Nadir şah”ı tərcümə etməyə başladım və ona iki müqəddimə əlavə etdim. Ümidvaram ki, millət və xalqın xadimləri cənab Hacının mədəniyyət sahəsindəki xidmətlərini heç vaxt yaddan çıxarmayacaq və onu həmişə nəzərdə tutacaqlar. Onun xeyir işləri daima söyləniləcəkdir”.10 Tərtibçilərin gəldiyi nəticə belədir: “Deməli, …Axund Yusif Talıbzadə Hacının 50 illik yubileyi keçirildikdən sonra N.Nərimanovun yazdığı əsəri fars dilinə tərcümə etməklə kifayətlənməmiş və özü Azərbaycan və fars dillərində daha mükəmməl bir tərcümeyi-hal yazıb çap etdirmişdir”.11

“Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” kitabının A.Y.Talıbzadə tərəfindən yazılması ehtimalını inandırıcı edən daha bir məqam nəzərə çarpır: əsərin strukturu Nəriman Nərimanovun 1900-cü ildə yazdığı “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı ilə demək olar ki, eynidir. N.Nərimanovun əsərini farscaya çevirərkən A.Y.Talıbzadə onun materialı təqdim etmə üslubundan və ardıcıllıqdan yararlanmış və bunu 1903-cü ildə yazdığı öz kitabında istifadə etmişdir. Fikrimi əsaslandıraraq onu da qeyd etməliyəm ki, A.Y.Talıbzadə bəzi hallarda təkrara yol vermiş və N.Nərimanovun artıq yazmış olduğu faktları təkrarlamışdır. Doğrudur, N.Nərimanovdan fərqli olaraq, A.Y.Talıbzadə öz əsərində Quran ayələrindən, hədis və şeirlərdən daha çox istifadə etmişdir.

Müəllifi dəqiq məlum olmayan “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” oçerki 1993 və 2006-cı illərdə nəşr edilən mətnlər əsasında hazırlanmış, redaktə edilərək müasir Azərbaycan dilinə uyğunlaşdırılmışdır (şeir parçalarından başqa).12

Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı

Bismillahir-rəhmanir-rəhim!

Cənab Hacı Zeynalabdin Tağıyev hicrətin 1256-cı ilində (miladi 1838-cü il) Bakıda anadan olub. Atası Məhəmməd Tağı başmaqçılıq sənəti ilə məşğul idi, alış-veriş edib dolanırdı və övladını həddindən artıq çox istəyirdi. Tainki bu uşağın yaşı yeddiyə çatdı və üzündə böyüklük, ağıl-kamal əlamətləri, tərəqqi və istedad nişanələri göründü, atası ona daha da vurğun oldu. Hər gün atası ilə dava başlayırdı: övlad ailənin çətin vəziyyətini görüb, bir peşə əxz etməyə çalışırdı. Lakin atası, Zeynalabdinin yaşı az olduğuna görə buna mane olurdu.

Hərçənd nəzərdə kiçikdi o uca cənab,

Başında dərc olunmuş idi fikri-bihesab.

On yaşına çatana qədər atasına rahatlıq vermirdi və hər bəhanə ilə onu bir işə düzəltməyi xahiş edirdi. Axırda atası onun bacarığına, istedadına və israrlı olduğuna görə əziz oğlunu bir nəfər mahir bənnanın yanına şagird qoyur. O uşaq da həddən artıq xoşhal və şadlıq ilə, kamal və zirəklik göstərməklə, dincəlmədən öz işi ilə məşğul olurdu və can-dildən xidmət edirdi. Bənna gördü ki, bu uşaq bir dəqiqə aram tutmayıb axşamadək işlə məşğul olur və bütün vaxtını palçıq qayırmaqla, daş və kərpic verməklə sərf edir. O, uşağa altı qəpik muzd verdi. Tifil hədsiz şövq və şadlıqla evinə qayıdıb, birgünlük muzdunu atasına verdi.

Atası əziz oğlunu qucaqladı, üzündən və gözlərindən öpdü, onun birgünlük qazancından çörək və pendir aldı. Ev əhlini başına yığıb dedi ki, bu gecə biz hamımız gözümün nuru, əziz oğlum Zeynalabdinə qonağıq. Süfrə salındı, hamı yığışıb yemək yedi. O yeməkdən onlar üçün vəsfi xəyala gəlməyən ləzzət hasil oldu. Elə ki süfrəni yığışdırdılar, atası üzünü Xudavəndi-aləmə tutub dua etməyə başladı: “Pərvərdigara, şükr və həmdlər olsun sənə ki, biz öz əziz övladımızın zəhmətilə qazandığını yedik”. Bu vaxt uşaq diqqətlə atasının sözlərinə qulaq asıb, onun şadlığını görürdü. Həmin sözlər onun qəlbində dərin iz buraxdı. O, səhərin tez açılmasını gözləyirdi ki, keçən günün müqabili qədər də işləsin. O, kiçik yaşında bilirdi ki, nə qədər artıq zəhmət çəksə, o qədər əməkhaqqı çox olar. Hər gün artıq işləyir və ümdə fikri bu idi ki, özünü az vaxtda şagirdlikdən qurtarıb usta dərəcəsinə yüksəltsin. Tezliklə öz məqsədinə yetib usta dərəcəsinə çatandan sonra evin bütün xərclərini üzərinə götürdü. Bir müddət beləcə bənnalıqla məşğul olub peşəsini unutmurdu və ziyadə xoşhal idi ki, xalqın minnəti ilə güzəran keçirmir, heç kəsdən asılacağı yoxdur. “Sənət sahibi Allahın dostudur” kəlamını unutmayıb, özünə peşə seçmiş, peyğəmbərlərdən və övliyalardan nümunə götürərək ömrünü boş, vaxtını zəhmətsiz keçirməmişdir. Sanki peyğəmbərlərin həyatından, onların güzəranından xəbərdar imiş ki, onların hər birinin bir peşəsi, sənəti var idi və onlar özlərini hünərsiz edib işdən boyun qaçırmırdılar. Necə ki, Həzrəti-Adəm dünyaya gəldi və yemək istədi. Min iş ona əmr olundu ki, əmələ gətirsin. Onların min birincisi çörəyin özü tərəfindən üyüdülməsi idi. Və yaxud cəlal, əzəmət, səltənət, hakimiyyət sahibi Həzrəti-Süleyman zənbil toxumaqla məşğul idi, Həzrəti-İdris dərzilik, Həzrəti-İbrahim bənnalıq edirdi. Xudavəndi-aləm buyurmuşdu: “İbrahim evin (Kəbənin) binasını ucaltdı”.

Həzrəti-Davud zireh düzəldirdi. O, cavanlıqdan peyğəmbərliyə çatana qədər bir peşə ilə məşğul deyildi və dolanışığı dövlət xəzinəsindən idi. Həzrəti-Əli nəql edirdi: “Allah Davuda vəhy etdi: “Beytül-maldan ruzi istəməsəydin və şəxsi gəlirin olsaydı, necə də gözəl bəndə olardın”. Davud ağladı. Sonra Allah dəmirə vəhy etdi: “Bəndəm Davud üçün yumşal!” Sonra dəmir yumşaldı və Allah-təala dəmiri onun üçün yumşaltdı. O, üç yüz altmış zireh toxuyub üç yüz altmış min dirhəmə satdı və beytül-mala ehtiyacı olmadı”.

Və Həzrəti-Məhəmməd ona peyğəmbərlik verilənə qədər Şamla ticarət edərdi və onun tabeliyindəki qureyşilər hər il Şama ticarətə gedərdilər.

Cənab Hacı da “İnsana ancaq öz əməli, öz zəhməti qalar” ayəsinə əməl edərək, Xudavəndi-aləmin onun vücudunda qoyduğu qabiliyyət və istedad sayəsində həmişə hər növ xeyriyyə əməllərində səxavətini əsirgəmirdi. O, tez bir zamanda müsəlman cəmiyyətinin seçilmişi, başçısı oldu, xeyriyyə işlərində və ümumi əməllərdə o cənaba üz tutulurdu. Xülasə, Hacı insana layiq olmayan tənbəlliyi və bekarlığı məzəmmət edər, bir gün də olsun öz işindən və peşəsindən əl çəkməzdi. Yoxsullara və zəlillərə kömək üçün olunan böyük işlər ondan baş verirdi ki, o vaxtın dövlət və qüdrət sahibləri Hacıdan ibrət alırdılar.

Günü-gündən yüksələn o cənabın məqsədi həmişə yuxarı mərtəbələrə çatmaq idi. Bənnalıqdan əl çəkib memarlığa başladı, zəkasının çoxluğundan və fərasətinin artıqlığından memarlıqda daha artıq məharət göstərdi. Elə bil, bu şeirin məzmununu düşünmüş idi:

Hünər ilə çalış ki, dünyada

Şərəf əhli olur hünərzadə,

Bihünər sanki cismi-bicandır,

Eylə can dövləti verər bada.

Kaş bizim vətəndaşlarımız bu cənabın halına diqqət edib, onu müşahidə edə bilsinlər ki, o, maarif yolunda nə cür qeyrət və əzm göstərib zəhmət çəkibdir. O cənabın cavanlıq vaxtından səy və çalışmaları bütün Vətən oğulları üçün böyük örnəkdir. O, heç vaxt tənbəlliyi özünə yaxın buraxmamış, çünki tənbəllik fəaliyyətsizliyin, fəaliyyətsizlik arsızlığın, arsızlıq isə min cür fəsad və eyiblərin mənbəyidir. O cənab bunlara tərəf meyil etməyib və onlar Hacının pak xilqətinə yol tapa bilməyiblər:

Nütfeyi-pak gərəkdir ki, ola qabili-feyz,

Yoxsa hər qırmızı daş lölövü mərcan olmaz.

Gər qara daşı qızıl qan ilə əlvan edəsən,

Rəngi təğyir tapar, ləli-Bədəxşan olmaz.

Beləliklə, çox şövqlə memarlıqla məşğul olub və şöhrət tapırdı, lakin bir sənətlə kifayətlənməyib, daha artıq dərəcəyə və yaxşı məşğuliyyətə can atırdı. Özünün sakin olduğu ata evi həddindən artıq dar və qaranlıq idi. On iki nəfər külfəti ilə başqa yerdə yaşamaq iqtidarı olsa da, o, ata və anasının yadigarı olan bu evdə güzəran keçirirdi. Bir neçə ildən sonra Allah-taala ona iki oğul, bir qız bəxş etdi. Birinci oğlu İsmayıl mükəmməl savad aldı, fars, rus, fransız dillərini öyrəndi. Təhsil və tərbiyəsini kamil edəndən sonra İsmayılı özünə köməkçi götürdü, kiçik oğlu Sadıxı mədrəsəyə qoydu ki, öz qardaşı kimi təhsil və mərifət sahibi olsun. Bu vaxt bir nəfər varlı şəxsdən imarət tikməyi podratçılığa götürdü. Hər gün sübh tezdən hazır olub bənnalara rəhbərlik edirdi. İmarət hazır olana yaxın Bakıda bahalıq və qıtlıq başladı, xalqın dolanışığı pisləşdi. Bu cənab dörd yerdə taxtadan anbar düzəltdirib, birini buğda, ikincini un, üçüncünü düyü və dördüncünü arpa ilə doldurub, hər gün imkansız şəxslərə, ev-eşiksiz dul qadınlara və yetim uşaqlara hər kəsin ehtiyacı qədər paylayırdı. O cənabdan elə böyük səxavət müşahidə olundu ki, onu təsəvvür etmək çətindir. Lakin indiki varlılar və millət başçıları ki, qazanclarını möhtəkirlik yolu ilə əldə ediblər, illərlə ucuzluq və bolluq olan şəhərlərdə qıtlıq yaradırlar, xalqa kömək etmək əvəzinə xalqı tələfata sürükləyirlər. Məgər bu bəşər övladları bir-birilərinə kömək və himayə etmək üçün eyni cəmiyyətin üzvləri deyillərmi? Necə ki insanın gözləri, əlləri, ayaqları, qulaqları və bütün başqa üzvləri bir bədəndə cəm olublar, hamısı ruhun ixtiyarında və fərmanının altında bir-birini qorumaqdan boyun qaçırmırlar, eləcə də insanlar bir-birini qoruyub, kömək etməkdə boyun qaçırmamalıdırlar. Onlar öz şəxsi məqsədlərinə çatmaq üçün öz həmvətənlərini incitməməli və cürbəcür müsibətlərə giriftar etməməlidirlər.

Bəni-adəm əzavü əczadılar,

Ki, bir dürdən cəmlə peydadılar.

Bir üzvü əgər dərdə olsa düçar,

Dəxi qeyrilərdə tapılmaz qərar.

Əgər çəkməsən yar ilə sən də qəm,

Eylə bir vücudə səzadır ədəm.

Qıtlıq şiddətlənən vaxtı aclığa və pərişanlığa düçar olan zəif və yoxsul adamlar gəlib o cənabdan öz paylarının alıb gedirdilər. Bu zaman fitnə-fəsad salan qərəzli adamlar ki, həmişə bir şəxsin şikəstliyini və pis olmağını gözləyirlər, yer sahibinin yanına gəlib dedilər: “Bu podratçı şəxs sənin evinin qeydinə qalmır, səndən aldığı pula dörd anbar düzəldib, xalqa buğda, un, düyü, arpa paylayır, sənin malını dağıdır, özünə şöhrət qazandırır.” Yer sahibi çarəsiz qalıb məhkəməyə müraciət etdi. Məhkəmə tərəfindən aparılan təhqiqatdan məlum oldu ki, cənab Hacının vətənpərvərlik və millətsevərlik göstərərək, yoxsullara və zəiflərə kömək etməkdən başqa bir məqsədi və amalı olmayıb. O, öz mərdlik kisəsindən bu qədər xərcləri öhdəsinə alıb ki, əslində dövlətə və millətə xidmət edib, onun işində əsla nöqsan yoxdur. İmarət isə müddətin tamam olmasına qədər tikiləcəkdir. Ərizəçinin və xəbərçilərin həsədləri hamıya aydın oldu. Hacı yenə də əvvəlki kimi, həm yoxsullara kömək edir, həm də imarətin tikilməsi ilə məşğul idi. Nəhayət, 23 ay xalq şiddətli qıtlığa dözəndən sonra Xudavəndi-aləm xeyir və bərəkət qapılarını xalqın üzünə açdı, bolluq yarandı, qiymətlər aşağı düşməyə başladı, imarət isə tikilib başa çatdı. İmarət sahibi xəcalətdən üzr istədi, “həsəd çəkənlər və xəbərçilər məni bu işə vadar elədi” dedi və Hacının yerdə qalan haqqını ödədi. Bir qədər sonra, hicrinin 1291-ci ilində (miladi 1873-cü il) Hacı podratçılıqdan əl çəkib, dövlətdən torpaq sahəsi satın aldı, fəhlələr topladı, ləvazimat aldı və əzmlə neft quyusunu qazmağa başladı. Xudavəndi-aləmin “Möminlər bir-biri ilə qardaşdır” kəlamına əməl edib, fəhlələrlə qardaşcasına, yoldaşcasına rəftar edir, birlik, və mehribançılıq əmələ gətirirdi.

Ey güruhi-milləti-islamiyan,

Noldu bizdə himməti-əhli-Quran.

Nə səbəbdən pozulubdur ittifaq,

Üz veribdir bizlərə bunca nifaq.

Qalmayıbdır ittifaqi-həmrəhi,

Tutmuşuq cümlə təriqi-gümrəhi.

Nə bu imani-vətəndən var xəbər,

Pişəmiz cümlə qərəzdir sərbəsər.

Hər gün digər fəhlə və işçilərlə mehribanlıqla və məhəbbətlə rəftar edər, özünün rəislik vəzifəsini qabartmazdı. Səhər gün çıxmamış öz işinin üstündə hazır olurdu, fəhlələrin çoxu isə hələ heç hazır deyildilər. Məlumdur ki, neft quyusunu qazmaq asan iş deyil və az müddətdə onun nəticəsi görünməz. Hər quyu ən azı 250 sajenədək (1 sajen = 2,1336 m – F.C.) qazılmalı, qazma işini icra edən şəxs bütün fəhlələri ilə iki ilədək qazımaqla məşğul olmalı, qışın soyuğuna və yayın istisinə davam gətirməlidir. Hacının müasirləri ona təəccüb edirdilər, bəziləri səfeh, bəziləri isə acgöz və tamahkar sayırdılar. Paxıllar deyirdilər: “Görəsən, bunun bədəni dəmir və poladdandır ki, bu cür zəhmətli və məşəqqətli işlərə hədsiz səy göstərir?” O, dəfələrlə elə fəlakətlərə düçar və müsibətlərə giriftar oldu ki, heç kəsin bu vəziyyətdən çıxmasına ümidi yox idi. Hətta fəhlələr onun halına təəccüblənərək, çəkdiyi zəhməti faydasız və əbəs hesab edirdilər. Lakin o cənab öz mərdliyi və əzmkarlığı ilə işində sabit və möhkəm durmuşdu. Ümidini itirməyib, məqsədinə çatmaq və nəticə əldə etmək üçün çalışırdı. Bir saat nə özünü, nə özgələri asudə və rahat qoymurdu. Cürətsiz və səbirsiz şərikləri o quyunun mənfəətindən ümidlərini kəsib tənə və məzəmmət dillərini açdılar, axırda məyus olandan sonra öz paylarını satmaq üçün müştərilər axtarmağa başladılar. Hacı şəriklərinin paylarını satın aldı və daha da artıq çalışıb, tək-tənha zəhmətə dözürdü.

Bepul matn qismi tugad.

13 697,68 s`om
27 395,36 s`om
−50%