Kitobni o'qish: «Torpağın nağılı»

Xalq ijodiyoti (Folklor)
Shrift:

Torpağın nağılı

Azərbaycan nağılları

TORPAĞIN NAĞILI

Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, əlikli meşələri baxanı heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar bu dünyada. Kimsənin varında, dövlətində gözləri olmazdı bu tayfanın. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar.

Bu mahal ağsaçlı bir müdrik insanı başçı seçmişdi özünə. Adına Böyük ata deyirdi hamı. Dünya dağılsaydı da, bir sözünü iki edən olmazdı. Hörməti hörmət, ehtiramı ehtiram idi Böyük atanın. Qan-qada ilə işi olmazdı.

– Davanızı dağla-daşla edin, igidlərim, – həmişə deyərdi, – Qaya yarın, yol çəkin dağlara, səhralara su çıxarın. Qan axıtmayın, tər axıdın canınızdan. İşiniz onda yüngül olar, təriniz sünbül olar.

Qocalar da, cavanlar da həmişə sırğa edərdi qulaqlarında bu müdrik Böyük atanın sözlərini. Uzaq-uzaq ölkələrdən gələn qarətçilərin bu firavanlığı, bu bolluğu gözü götürməzdi. Həmişə də burunları əzilərdi onların. Bir savaş qurbansız olmazdı. Neçə igid qurban verərdi öz canını el yolunda, qeyrət yolunda. Neçə ananın sinəsi dağlı, neçə sevgilinin gözü yaşlı qalardı davadan sonra. Hamıdan da çox Böyük ata yanardı, yaxılardı öz igidləri üçün.

Bir gün düşmən öz pis niyyəti ilə yenə kəsdirdi qapını. Mahalın dəliqanlı igidləri silaha sarılıb at üstünə atıldılar.

Böyük ata:

– Səbir edin görək, – dedi, – igidlərim.

İgidlər səbir edib dayandılar. Düşmən elçiləri gəlib çıxdı. Böyük atadan xərac istədilər. Böyük ata qızırqanmadı, onlara elin varından bir kisə qızıl verdi. Hamı sevindi ki, xata sovuşdu. Səhər tezdən elçilər yenidən göründülər. Böyük ata:

– Buyurun, – dedi, – indi tələbiniz nədir?

Elçilərdən biri:

– Ulu xaqanımız sizin şəxsi döyüş atınızı tələb edir, – dedi.

İgidlər hiddətləndilər bu sözdən. Böyük ata onları sakitləşdirdi:

– Verin, – dedi, – mənim döyüş atımı onlara! Təki qan-qada sovuşsun bizdən.

Elçilər Böyük atanın döyüş atını alıb apardılar.

Səhər oldu, elçilər yenə gəldilər.

Böyük ata:

– Daha nə istəyiniz var? – deyə soruşdu.

Yenə elçilərdən biri:

– Ulu xaqanımız sizin yeganə oğlunuzu özünə nökər etmək istəyir, – dedi.

Yenə dəliqanlı igidlər hiddətlənib bağırdılar:

– Biz cəng istəyirik!

Böyük ata sakitləşdirdi onları:

– Bu cəngdə öləcək igidlərimiz mənim bir oğlumdan heç də əskik deyil, – dedi.

Elçilər Böyük atanın tək oğlunu qabaqlarına salıb qul kimi apardılar. Böyük ata sevindi ki, bununla qan-qada sovuşub getdi, sakitlik yarandı mahalda. Ancaq heç də belə olmadı. Səhər elçilər yenə Böyük atanın qapısını kəsdirdilər. Böyük ata özünü zorla ələ aldı və hiddətlə soruşdu:

– Daha nə istəyirsiniz?

Elçilərdən biri dedi:

– Ulu xaqanımız bir parça torpaq istəyir mahalınızdan, məskən salmaq üçün.

Hamının nəzərləri Böyük ataya dikildi. Onun gözləri qəzəbdən alışıb-yandı. Ayağa qalxaraq:

– Haydı, mənim igidlərim! – dedi. – Düşmən həddini aşdı! Düşmənə verdiyim xəraclar mənə məxsus idi. Ancaq torpaq mənim yox, xalqındı. Düşmənə aman verməyin!

Böyük atanın bir kəlmə sözü ilə dəliqanlı igidlər atlandı. Cəng başlandı, nə başlandı! Qılınclardan şimşək qopdu. Yer-göy dilə gəldi qoç igidlərin nərəsindən. Analar da, bacılar da kişi paltarı geyinib, qılınc götürüb döyüşə atıldılar. Bircə günün içində tar-mar etdilər düşmən qoşununu. Mahaldan öləni də oldu, yaralananı da. Yas saxlamadılar ölənlərə.

– Yasla qələbə bir yerə sığmaz, – dedi Böyük ata.

Mahalda hamı şadlıq etdi. Böyük atanın şərəfinə söz söylədi ozanlar.

– Ən böyük sərvət bir parça torpaqdır, elin sərvəti olan bir parça torpaq, – dedi Böyük ata.

O gecə Vətənin bir parça torpağına dastan qoşdular. Beləcə, həmin gündən müqəddəsləşdi mahalın bir qarış torpağı.

LOĞMANLA ŞƏYİRDİNİN NAĞILI

Günlərin bir günü Loğman ilə şəyirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər. Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şəyirdini bazara göndərdi ki, çörək, yağ, şor alıb gətirsin. Şəyird bazara gedib yağın qiymətini xəbər aldı. Ona dedilər:

– Batmanı yüz dinardı.

Soruşdu:

– Çörək neçəyədi?

Dedilər:

– Onun da batmanı yüz dinar.

Soruşdu:

– Bəs şoru neçəyə verirsiniz?

Dedilər:

– Batmanı yüz dinara.

Şəyird bazarda nəyin qiymətini soruşdu, “yüz dinardır”– dedilər.

O, sevinə-sevinə ustanın yanına gəlib dedi:

– Nə yaxşı şəhərə gəlmişik. Yüz dinardan baha qiymət yoxdu.

Loğman diqqətlə şəyirdə qulaq asıb dedi:

– Elə isə burda qalmaq olmaz, tez çıxıb getməliyik.

Şəyirdi dedi:

– Nə üçün?

Loğman dedi:

– Bir yerdə ki yağla şora fərq qoyulmadı, orda yaşamaq məsləhət deyil.

Şəyird ustasına etiraz elədi. Loğman öz sözünün üstündə dayandı, ancaq hələlik bu şəhərdə qalmağa razılıq verdi. Bir neçə gündən sonra car çəkildiyini eşitdilər. Məlum oldu ki, bu gün bir nəfəri padşahın əmri ilə asacaqlar. Loğman şəyirdi ilə dar ağacı qurulmuş meydana gəldi. Adamlar toplaşandan sonra padşah vəzirləri ilə gedib bir tərəfdə oturdu, üzünü müqəssirə tutub dedi:

– Bu saat təqsirlərini bir-bir de, kəndiri öz əlinlə boğazına keçir ki, səni assınlar.

Müqəssir dedi:

– Padşah sağ olsun, mən bağbanam. Bir gün bağda işlədiyim zaman oğruya rast gəldim. Qaçıb onu tutmaq istəyəndə, dırmaşıb divara çıxdı, küçəyə atılanda yıxılıb qıçı sındı. Məni dustaq edib dedilər: “Günah səndədi ki, bağın hasarını uca eləmisən. Divar alçaq olsaydı, oğru hoppananda yıxılıb qıçı sınmazdı, buna görə səni cəzalandırmaq lazımdı”.

Padşah:

– Doğrudu, lap doğrudu, – deyə cəzanın düzgün olduğunu təsdiq elədi.

Bağban dedi:

– Padşah sağ olsun, divarı mən hörməmişəm.

Padşah dedi:

– Bəs kim hörüb?

Kişi dedi:

– Bənna.

Padşah dedi:

– Elə isə bağbanı azad eləyib, bənnanı gətirin.

Bağbanı buraxdılar, bənnanı tapıb dar ağacının altına gətirdilər. Cəllad kəndiri hazırlayanda bənna dedi:

– Padşah sağ olsun, günah məndə də deyil.

Padşah dedi:

– Bəs kimdədi?

Bənna dedi:

– Şəyirdimdə. Əgər o kərpici çox verməsəydi, mən divarı hündürə qaldıra bilməzdim.

Padşah əmr verdi, şəyirdi tapıb hüzura gətirdilər. Şəyird yalvardı:

– Kərpic çox verməkdə mənim təqsirim yoxdu, – dedi.

Padşah soruşdu:

– Bəs kim təqsirkardı?

Şəyird dedi:

– Padşah sağ olsun, mən ustama kərpic verəndə yoldan bir arvad keçirdi. Onun qolunda çox qəribə bir qolbag vardı. Gözüm qolbağa sataşanda, heyran qalıb başımı itirdim. Bir də ayılıb gördüm ki, usta divarı hörüb ucaldıb.

Padşah əmr elədi:

– Bu saat o arvad tapılıb dar ağacının dibinə gətirilsin.

Məmurlar axtarıb arvadı tapdılar, meydana gətirdilər. Padşah ondan soruşdu:

– Bu şəyirdin ağlını başından alan sənin qolbağın olubmu?

Arvad dedi:

– Bəli.

Padşah dedi:

– Elə isə kəndir sənin boynuna salınacaq. Cəllad, çək bu arvadı dara!

Arvad dedi:

– Padşah sağ olsun, bu işdə mən müqəssir deyiləm.

Bepul matn qismi tugad.

4 512,18 s`om
9 024,37 s`om
−50%