Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Əfsanələr»

Xalq ijodiyoti (Folklor)
Shrift:

ALDƏDƏ


Bağdadda ərəb xəlifəsinə belə bir xəbər çatır ki, odlar ölkəsində Aldədə adlı bir şəxs peyda olub. Bu şəxs möcüzələr yaradır, özü də odda yanmır.

Xəbər xəlifəni çox maraqlandırır, deyilənlərin doğruluğunu yəqin etmək üçün yanına üç adam çağırır:

– Elə bu gün odlar ölkəsinə yola düşün. Orada Aldədə adlı bir şəxs peyda olub. Gedib yoxlayın. Əgər doğrudan da möcüzələr çıxarırsa, ona toxunmayın. Yox, elə olmasa, onu məhv edin, yurdunda heç bir nəfər də salamat qoymayın.

Ərəblər Aldədəni Haça qaya deyilən yerin yaxınlığında tapırlar. Görürlər ki, geniş çöldə yalmanları qız hörükləri kimi hörülmüş at ilxısı otlayır, ilxıda iki dayçanın yalmanı hörülməyib. Onlar bunun sirrini hündür daş üstündə oturmuş Aldədədən soruşurlar. O deyir:

– Bu dayçalar Göysudan çıxıb, ilxıya özləri qarışıblar.

Xeyli söhbətdən sonra ərəblər hiss edirlər ki, qoca çox hikmətli adama oxşayır. Dünyanın əvvəlindən-axırından xəbər verir. Aldədəni yoxlamaq istəyirlər.

– Belkə, bir ocaq çatasan, yaman acmışıq.

Aldedə o saat qonaqların niyyətini başa düşür:

– Bilirəm nəyə gəlmisiniz, marağınız nədir, istəyiniz nədir, hamısını bilirəm.

Ərəblər təəccüblənirlər.

– Biz ki sənə hələ bir söz deməmişik.

– Bir kabab bişirim yeyək, sonra danışarıq.

Aldədə ayağa qalxıb ocaq çatır. Yaxındakı sürüdən bir quzu ayırıb kəsir. Quzunun qolunu, budunu, qabırğalarını çılpaq əlində közə tutub qızardır. Kabab bişir. Aldədənin əlinin tükü də qarsalanmır.

– Bu nə möcüzədir? – deyə ərəblər heyrətlə dillənirlər.

– Möcüzə yoxdur. Mən odlar diyarının övladıyam, od oğluyam. Od odu yandırmaz.

– Sən öz qaladığın oda yanmazsan, ancaq biz qaladığımızda əməlli-başlı bişərsən, heç külün də qalmaz, – deyə ərəblər onun möcüzəsinə şəkk edirlər.

Onlar bir qaragöz quzunu Aldədənin qucağına verirlər. Sonra da yurd yerindəki təndiri qalayırlar. Aldədəni alovu göyə dilimlənən təndirə salırlar, təndirin ağzını iri sal daşlarla örtürlər.

Ərəblər elə düşünürlər ki, Aldədə bu gecə təndirdə yanıb kül olacaq. Səhər onlar təndirin ağzını açanda gözlərinə inanmırlar. Aldədənin başının tükləri, bığlan qarlı-qırovlu idi, saqqalından buz salxımları sallanırdı, qucağındakı qaragöz quzu isə qıpqırmızı bişmişdi.

Ərəblər dedilər:

– Bu, əsl möcüzədir. Ey Aldədə, bizdən istəyin nədir?

Aldədə xəlifənin elçilərinə cəsarətlə cavab verdi:

– Sizdən heç nə istəməyəcəyəm, amma məndən də istəməyin, qoyun hərəninki özünün olsun.

– Başa düşmədik.

Aldədə yanındakı dörd ağac çubuğunu göstərib dedi:

– Bu ağacları dörd tərəfə atacağam, hara düşsə, o torpağa toxunmayın.

Ərəblər sevindilər ki, bir qocanın atdığı ağac o qədər də uzağa düşməz. Odur ki, dedilər: “Olsun”.

Aldədə birinci ağacı atdı, ağac göydə süzdü, görünməz oldu. Ərəblər soruşdular:

– Ağac hara düşdü?

– Savalan dağına, – deyə, Aldədə cavab verdi.

Aldədənin ikinci ağacı Şah dağına, üçüncü ağacı Alvız dağına, dördüncüsü Ağrı dağına düşdü. Ərəblər dedilər:

– Bu ki elə odlar ölkəsidir.

Aldədə gülümsündü:

– Xeyr, odlar ölkəsinin heç parası da deyil.

Ərəblər odlar ölkəsində elə bil oda düşdülər, alışıb yanmağa başladılar. Tələsik Aldədədən ayrılıb birbaş Bağdada üz tutdular.

***

Bir gecə Aldədə evə qayıtmadı, arvadı Mahpeykər onu çox gözlədi. Sonra körpə uşağını belinə sarıyıb ərini axtarmağa başladı.

Mahpeykər dağlara üz qoydu. Çox gəzdi, çox dolandı. Ancaq Aldədədən soraq tuta bilmədi. Belinə sarıdığı oğlu Mahpeykərin işini lap çətinə salırdı. Odur ki, qadın ciyərparasını kürəyindən açıb Qızıl qayanın dibində, xəlvət bir yerdə gizlədi. Dilində Aldədə, Haçaqaya dağına tərəf getdi. Ağçayın sahillərini gəzdi. Aldədəni dağlardan, daşlardan, çaylardan, otlardan, çiçəklərdən soruşdu, tapa bilmədi. O geri qayıdıb oğlunu gizlətdiyi Qızıl qayaya gəldi. Artıq səhər idi. Mahpeykər gözlərinə inanmadı. Uşağın sarığı yerdə idi, amma özü yox idi. Mahpeykərin bir dərdi iki oldu. Çox axtarandan sonra kor-peşman evə döndü. xeyli keçmiş Aldədə evə gəldi. Başına gəlmiş hal-qəzyəni danışdı. Mahpeykər də oğlunu itirdiyini, başına gələnləri nağıl etdi.

Həmin gündən Aldədənin, Mahpeykərin dərdi-kədəri artdı. Gözləri dağlarda, daşlarda qaldı.

Mahpeykər övlad həsrətinə dözə bilmirdi. Gecə-gündüz ağlayırdı. Axırda əlacsız qalıb Ağçaya üz tutdu. Ağçay yeddi ildən bir aşıb-daşırdı. Leysan yağışdan aşıb daşsa, ətrafında nə varsa, silib-süpürüb aparardı. Yox, elə ki, şimşək çaxdı, ildırım şaxıdı, çay süd kimi köpüklənərdi. Kim bu köpüklü sudan içsəydi, dizlərinə, qollarına güc, qəlbinə qürur gələrdi, bundan xeyir tapar, arzusuna qovuşardı.

Mahpeykər yenə də Ağçayın sahilinə çıxıb ondan ümid diləyirdi. Leysan yağışlar başladı. Ağçay aşdı-daşdı, sahilləri su aldı. Mahpeykər sellərin qurbanı oldu.

***

Aldədənin dərdi birə-min artmışdı. Bir tərəfdən yeganə oğlunun itməsi, o biri tərəfdən də Mahpeykərin ölümü onu rahat buraxmırdı. O, yeganə oğlunu axtarmağa, soraq etməyə başladı.

Aldədə belə bir xəbər eşitdi ki, Muradbəyli tərəflərdə bir boz qurd dağın başında oğlan uşağı üçün daşdan beşik düzəldib onu nəvazişlə böyüdür. Aldədə bu yerlərə səfər etdi. Çox böyük çətinliklə uşağı tutdu. Uşağın sol dabanındakı xaldan öz oğlu olduğunu bilib sevindi. O, uşağı götürüb Haçaqaya dağının ətəklərinə gəldi. Boz qurd onlardan ayrılmadı.

Aldədə istəyirdi ki, oğlunu boz qurddan aralasın, bir də fikirləşdi ki, axı boz qurd ona yaxşılıq edib, oğluna döşündən süd verib.

Bir gün Aldədə oğlu ilə söhbətə başladı:

– Oğlum, sənin vətənin odlar yurdu, anan Mahpeykər olub. Onu Ağçayın suları öz qoynuna alıb. Atan isə mən Aldədəyəm, möcüzəm odda yanmamaqdır. Deməli, sən qor oğlusan.

Uşaq qeyzlə:

– Yox, mən qor oğlu deyiləm, qurd oğluyam. Mənə boz qurd döşündən süd verib.

Aldədə biləklənən, kürəklənən, ürəklənən oğluna nələr danışmadı. Odlar diyarının xoş günlərinden, igidlərindən, nazlı-qəmzəli gözəllərindən, hikmətli, bərəkətli torpağından danışdı. Aldədə oğluna vətənin başına gələn fəlakətlərdən dərdli-dərdli söz açdı, onu eli, obası üçün qeyrətli oğul olmağa çağırdı.

Uşağın gözlərində ildırım çaxdı:

– Tapdalanan torpağımızın, oxlanan, qılınclanan igidlərimizin, al yanaqları solan analarımızın, bacılarımızın, nəğməli bulaqlarımızın, ətri solmuş güllərimizin, çiçəklərimizin qisasını düşməndə qoymaram. Odlar ölkəsinin atəşinə and içirəm ki, qoymaram.

– Vətəni qorumaq üçün vətəndən güc-qüvvət almalısan, oğul!

– Qollarımda kifayət qədər güc, qüvvə var. Qılınc vurmaq üçün bəs olar.

– Xeyr, oğul! Tək gücünlə sən düşmənin qabağında çox zəif olarsan. Əsl gücü, dözümü sənə vətən verəcək.

– Necə?

Aldədə sözünə davam edib dedi:

– Mənim ömrüm-günüm Haçaqaya dağının, Qızıl qayanın, Agçayın yan-yörəsində keçib. Sənə son vəsiyyətim budur: mən də qocalmışam, boz qurd da. Bizim dünyadan köçməyimizə az qalıb. Sənə bir sirr deyim: bu yerlərdə Ağçay çox sirlidir. O, yeddi ildən bir təlatümə gəlir. Elə ki gördün leysan yağdı, onda şərdir, ona yaxın düşmə. Anan Mahpeykər kimi seller səni aparar. Yox, gördün şimşək çaxdı, ildırım şaxıdı, onda xeyirdir. Ağçaya yaxınlaş, ağ köpüklü suyundan doyunca iç, bax, ilxıdan o Göysu atlarının balalarını da apar, qoy onlar da o sudan içsinlər. Onların da dizi, qolu, ürəyi qüvvətli olsun.

Yeddi il tamam idi. Qurdoğlu Göysu atlarının hərəsini bir qoluna bağlayıb, Ağçayın sahilinə gəldi. Xoşbəxtlikdən şimşək oynadı, ildırım çaxdı. Dünya qaranlıqlaşdı. Hər dəfə ildırım çaxanda Haçaqayanın zirvələri işıqlanırdı. Dağlar, daşlar, otlar, çiçəklər, sular sanki dilə gəlib deyirdi:

– Qurdoğlu, bax, o Aldədə, boz qurd, ana Mahpeykər bizi sənə tapşırıb. Bizi elə qoru ki, bu çəmənə düşmən ayağı dəyməsin, daşlarımızı düşmən atının nalı yaralamasın, ağ köpüklü sularımıza düşmən dodağı toxunmasın.

Göysu atlarının biri yuxarı tərəfdə, biri isə aşağıda, bir qədər lillənmiş sudan içdilər. Qurdoğlu Göysu atının birincisini mindi, lilli su içmiş atını da yedəyinə alıb, Aldədə yurduna tərəf üz qoydu. O hansı dağdan, çaydan keçirdisə qulağına bir səs gəlirdi:

– Qurdoğlu, bizi qoru, axı, bu yurdu sənə tapşırıblar.

Bu, vətən səsi, odlar diyarının sədası idi.

***

Bağdad xəlifəsi bərk qəzəblənmişdi. Yenə elçiləri çağırıb dedi:

– Minin ərəb atlarını. O yerlərdə gedib gizlənin. Aldədəni tutub əl-qolunu bağlayın. Nəbadə, onun başından bir tük əskik ola. O möcüzəli qocanı mən görməliyəm.

Ərəb elçiləri yenə də odlar ölkəsinə yola düşdülər.

Onlar neçə gün əziyyət çekdilər, daşda-qayada gizləndilər. Aldədənin oğlundan – kiminin Qoroğlu, kiminin qurdoğlu adlandırdığı igiddən bərk ehtiyat edirdilər. Nəhayət, günlərin birində Aldədəni xəlvətcə gecə ikən yatağından oğurladılar. Onlar qocanın əl-ayağını bağlayıb ata sarıdılar. Aldədə dedi:

– Məqsədiniz nədir? Məni hara aparırsınız?

Elçibaşı dedi:

– İndi sən bizim əlimizdəsən. Qabaqda görünən aşırımı aşıb asudəyə çıxacağıq. Səni xəlifəyə sağ-salamat çatdırıb əvəzində böyük ənamlar alacağıq.

Aldədə güldü:

– Qorxuram, zəhmətiniz hədər gedə.

– Qorxma, çətini bu aşırımı adlamaqdır.

– Elə mən də onu deyirəm.

Elçilər qocanın sözünə əhəmiyyət verməyərək atları mahmızladılar. Onlar dan yeri sökülənə kimi aşırımla vidalaşmaq istəyirdilər.

Ərəblər axşam aşırıma çatdılar. Səhər açılana kimi ha yol getdiler, heç aşırımın yarısına qalxa bilmədilər. Gündüz gizləndilər, gecə yenə yola başladılar. Aşırım qurtarmaq bilmirdi. Atlılar neçə gecə ayaq döydülər, bir nəticə hasil olmadı. Aşırım getdikcə uzanırdı. Daşlı yollarda ərəb atlarının nalları töküldü. Aldədənin atının nalına isə heç bir şey olmamışdı. Taqətdən düşən ərəblər əlacsız qalıb niyyətlərindən əl çəkdilər:

– Qoca, bu sirri bizə agah etsən, səni azad edəcəyik. Niyə bu alçaq dağı biz aşa bilmədik, niyə bizim atların nalı töküldü, sənin atının isə yox?

Aldədə dedi:

– Mən bunu əvvəlcədən sizə demişdim, siz məni yad ölkəyə apara bilməyəcəksiniz. Bu yerin adı "Naltökən"dir. Vaxtilə İsgəndər Zülqərneynin də qoşunu bu dağda ah-nalə çəkib, yunan atları da bu torpağa nallı gəlib nalsız gedib. Bu torpaq doğmaları da, yadları da yaxşı seçir. Aldədəni aparanlara yol versəydi, dağlar xəcalətindən əriyib suya dönərdi. Bizim torpaq yağıların niyyətini ayaqlarının səsindən bilir. Yad adamların nalını salır ki, atlıların ağlı başına gəlsin.

Ərəblər torpağı da özü kimi möcüzəli olan Aldədənin əl-ayağını açıb azad etdilər. Onlar məyus halda Bağdada üz tutdular.

***

Xəlifə qəzəbindən yerə-göyə sığmırdı. O bu dəfə odlar ölkəsinə böyük qoşun göndərdi. Qoşun başçılarına bərk-bərk tapşırdı:

– Aldədənin qüvvət aldığı bir sirr var. Bu sirr Qoroğludur – Aldədənin doğma balası. Qoroğlunu tapıb əl-ayağını sarıyın, əsir edib hüzuruma gətirin. Onda Aldədə öz ayaqları ilə gələr.

Xəlifənin qoşunu elə həmlə etdi ki, hər tərəfdən yol kəsildi, təkcə qarşıda əlçatmaz bir qaya ucalırdı.

Qəfil həmlə Qoroğlunu mühasirəyə salmışdı. Qoroğlunun üç tərəfi qoşun, bir tərəfi isə sildırım qayalıq idi.

Qoşun başçıları sevinirdilər ki, odlar ölkəsinin yenilməz, basılmaz oğlunu keçilməz səddə salıblar. Tək adam böyük bir qoşuna neyləyə bilər? İndi rahatca əl-ayağını sarıyıb xəlifəyə hədiyyə aparacaqlar.

Qoroğlu da sevinirdi. Sevinirdi ki, Göysu atının belindədir. Sevinirdi ki, ildırım qılınc əlindədir, sevinirdi ki, düşdüyü mühasirənin dördüncü tərəfi doğma torpaq, doğma qayadır.

Qoroğlu ildırım qılıncı qınından çıxardı. Qoşun geri çəkildi, elə bildilər ki, özünü qoşuna təpəcək. Amma bu vaxt heç kimin gözləmədiyi qeyri-adi bir hadisə baş verdi. Qoroğlu öz qılıncını sal qayaya endirdi.

Hamı heyrətdə qaldı. Bilən olmadı: Qoroğlu qayanı çapdı, yoxsa, qayamı aralanıb ona yol açdı?!

Qoroğlunun Göysu atı çapılmış qayanın arasından atılıb quş kimi çıxdı.

Ərəblər geri dönüb gördükləri bu yeni möcüzəli xəbəri xəlifəyə çatdırmağa tələsdilər.

***

Xəlifə yanına üç ərəb çağırıb dedi:

– Aldədə dünyadan köçdü. Yurdunda Qoroğlu qaldı. Aldədə işığı oğlundan alırdı. Qoroğlu isə işığı Nəqşi-Nigardan alır. Qoroğlunu sarsıtmaq üçün odlar yurdunun gözəlini – Nəqşi-Nigarı onun əlindən alıb Bağdada gətirmək lazımdır.

Bir dəstə ərəb silahlanıb odlar yurduna yola düşdü. Onlar Nəqşi-Nigarı kənddə tapmadılar. Öyrəndilər ki, o, dağlara gül-çiçək yığmağa, Qoroğlunu görməyə gedib.

Ərəb atlıları tez yola düşdülər. Məqsədləri Nəqşi-Nigarı yolda Qoroğluna çatmamış yaxalamaq idi. Elə də oldu. Onlar Nəqşi-Nigara Haçaqayanın yanında çatdılar. Qız onları görən kimi qayanın sərt yerinə çəkildi.

Ərəbin biri pusquda idi. O, qəflətən Nəqşi-Nigarın qoşa hörüklərini tutub biləyinə doladı. Nəqşi-Nigar özünü qayadan atdı. Ərəb gördü ki, qızın dalınca dərəyə düşəcək, qılıncla qoşa hörükləri kəsdi. Nəqşi-Nigar qayanın başından uçuruma düşdü.

Vaxtilə Qoroğlu bu qayanı çapanda atının ayağı yaralanıb qanı torpağa sızmış, bunu görən Qoroğlunun gözündən iki yaş damlası düşmüşdü. İndi həmin yerdən hey bir cüt damcı düşürdü: biri su, biri qan. Nəqşi-Nigar da həmin yerə düşmüşdü. Qayadan onun üzünə iki damcı düşürdü. Biri qan, biri su. Bu bir cüt qan və su damlaları dərdlərin dərmanı, məlhəmi idi. Nəqşi-Nigarı da bu qan və su damlaları ölümün pəncəsindən aldı, ona həyat verdi.

Qayanın başında isə möcüzə baş verdi. Qoşa hörüklər dönüb iki əfi ilan oldu. İlanlar ərəblərin canına daraşdı. Biri burda çaldı, biri orda. Bir-iki nəfər qaçıb canını zorla xilas edə bildi. Onlar bu möcüzəni xəlifəyə çatdırmaq üçün özlərini Bağdada güclə çatdırdılar.

SARA HAQQINDA ƏFSANƏLƏR


Birinci əfsanə
Çay qızı

Muğan adlanan bir kənddə iki gənc yaşayırdı. Bunlardan biri Sarvan adlı bir qoçaq oğlan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da, çox mehriban bir ailə qurmuşdular.

Gözəl və Sarvan Arpaçayın sahilində boya-başa çatmışdılar. Gözəl Arpaçayın zərif, incə qızı kimi ad çıxarmışdı. Sarvan da Muğanda at çapmaqda, qılınc oynatmaqda şöhrət qazanmışdı.

Muğan camaatı əkinçilik və bənnaçılıqla məşğul olurdu. Sarvan özünü xoşbəxt sayırdı. Çünki bütün Muğan onu sevir, ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.

Aylar, illər keçdi. Gözəl dünyaya bir qız gətirdi. Gənc ana qızı olduğunu görüb çox sevindi. Ancaq onun halı getdikcə pisləşirdi. Bütün Muğanın bilicilə-ri tökülüşüb gəldi. Amma heç kim gəlinə bir kömək edə bilmədi.

Gözəl ölüm yatağına düşdüyünü duyub Sarvanı yanına çağırdı, dedi:

– Əzizim, Sarvanım, mənim səndən bir xahişim var, qulaq as, deyim. Körpəmizə hələ də ad qoyulmayıb. Adını mən verdim, yaşını yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırsın. Mənim sözüm bu idi… İndi də balamı gətir, qoy sonuncu dəfə onunla görüşüm.

Sarvan tez Saranı gətirib Gözələ vermək istədi. Amma yetişmədi… Gözəl artıq gözlərini əbədi yummuşdu. Sarvan ağladı, ürəyində ağladı… Sara… balaca məsum körpə də, elə bil, anasının ölümünü duyub atasına qoşuldu, bərkdən qışqıraraq ağladı.

Gözəli torpağa tapşırdılar.

Sarvan Saranı qayğısız böyütməyə çalışırdı. Sara evdə oturmur, tez-tez Arpaçayın sahilinə gəlirdi. Qız heç kəslə oynamır, yalnız Arpaçayla oynayırdı. Arpaçay da sanki Saraya öyrəşmişdi; qız sahilə gəlməyəndə kədərlənir, sakit-sakit axır, gələndə isə sevincindən aşıb-daşırdı. Bütün Muğan camaatı bu qızı görəndə Gözəli xatırlayıb deyirdilər:

– Sara lap elə Gözəlin özüdü ki, durub. Torpağı sanı yaşasın.

– Gözəl də uşaq çağlarını Arpaçayın sahilində keçirib, Sara da.

– Gözəl də Muğan gözəli idi, Sara da.

Belə deyənlər çox idi. Amma heç kəs istəmirdi ki, Saranın ömrü Gözəlinki kimi qısa olsun. Odur ki, deyirdilər:

– Surətdə oxşayıb, baxtda oxşamasın.

Beləcə, Sara qayğı bilmədən Arpaçayın sahilində oynaya-oynaya böyüdü. Qızlar bulağından su içdi. Qızı istəyən çox idi. Sara bu cavanların içində gözəl bir gənci – Xançobanı sevdi.

Xançoban çobanlıq edirdi. Onu bütün Muğan camaatı sevirdi; çox qızlar gizli-gizli onun həsrətini çəkirdi, o isə təkcə Saranı sevirdi. Kəndin mötəbər qocaları Saranın atasına elçi düşdü. Ata qızının razılığı ilə onu Xançobana ərə verdi.

Muğan düzünə yaz gəldi. Xançoban sürüsünü yaylağa aparmalı oldu. Sara bu ayrılığa çox kədərlənirdi. Bunu görən Xançoban soruşdu:

– Mənim Saram, sən axı niyə ağlayırsan? Bir-iki gündən sonra qayıdıb səni də aparacağam.

Sara dedi:

– Heç özüm də bilmirəm niyə ağlayıram. Səndən ayrıla bilmirəm, ürəyimə damıb ki, sən gedəndən sonra bir bədbəxtlik olacaq. Bəlkə, bir də səni görməyəcəyəm, ondan qorxuram.

Xançoban güldü və Sarasının ipək tellərini sığalladı:

– Qorxma gülüm, – dedi, – heç nə olmaz.

Çoban sürüsünü çəkib dağlara getdi.

Sara Xançobanı yola salandan sonra köhnə dostu Arpaçayın sahilinə gəldi, oturub fikrə daldı.

Bu vaxt ölkənin xanı çayın qırağından keçəndə Saranı gördü, durdu, hərisliklə qıza tamaşa etməyə başladı.

Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi. O gündən həmin mahnı dillər əzbəri oldu:

 
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı…
 

Bepul matn qismi tugad.

12 337,84 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
4 Sahifa 7 illyustratsiayalar
ISBN:
9789952240757
Mualliflik huquqi egasi:
Altun Kitab