Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Məktəbə dəvət»

Shrift:

“Rəşid bəy Əfəndizadə Azərbaycan mədəniyyətinin tarixində görkəmli maarifçi kimi tanınır. Qori Müəllimlər Seminariyasının ilk məzunlarından olan R.Əfəndizadə Azərbaycan təhsilinin inkişafı tarixində əhəmiyyətli işlər görmüşdür. O, Rusiyada Uşinskinin yeni tipli milli xalq məktəbləri yaratmaq sahəsindəki təcrübəsini Azərbaycan məktəb təcrübəsinə gətirmişdir. Məhz onun tərtib etdiyi “Bəsirətül-ətfal” və “Uşaq bağçası” kitabları yeni tipli dərsliklərimizin bünövrəsi oldu.

R.Əfəndizadə həm gözəl komediyalar ustası, həm də uşaqlar üçün şeir və nəsr əsərləri yaradan maarifpərvər yazıçı olmuşdur.”

– Zahid Xəlil,
filologiya elmləri doktoru, professor

ÖN SÖZ

XX əsrin əvvəlləri Azərbaycan xalqının ədəbi-ictimai fikir tarixinin inkişafında yazıçı, dramaturq, maarif xadimi, pedaqoq və etnoqraf kimi R.Əfəndizadənin xüsusi xidmətləri olmuşdur. Maarifçi-realist ədəbiyyatın tanınmış simalarından olan R.Əfəndizadə yaradıcılığında onun elmi-pedaqoji fəaliyyəti ilə ədəbi-bədii əsərləri sintez halındadır.

Rəşid bəy İsmayıl oğlu Əfəndizadə (Əfəndiyev) 1863-cü ildə Şəkidə ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini atasından alan Rəşid bəy yeddi yaşında ikən məhəllə məktəbinə getmiş, sonra təhsilini Şəkidəki qəza və şəhər məktəblərində davam etdirmiş, bir çox elmlərə yiyələnmiş, rus və Avropa yazıçılarının yaradıcılığı ilə yaxından tanış olmuşdur. 1879-cu ildə Rəşid bəy Tiflisdə Qori Müəllimlər Seminariyasının nəzdindəki Azərbaycan (tatar) şöbəsində təhsil almış, Seminariyanın ilk məzunların-dan biri olmuşdur. Təhsilini başa vurduqdan sonra müəllim kimi fəaliyyətə başlayan ədib Qəbələ və Xaçmaz kənd məktəblərində çalışmışdır. R.Əfəndizadə pedaqoji fəaliyyəti dövründə Azərbaycan dilində dərsliklərin yazılmasına böyük ehtiyac hiss etmiş, dərslik yazmaq, uşaqların mütaliəsini gücləndirmək məqsədilə “Uşaq bağçası”, “Bəsirətül-ətval” kitablarını yazmış və uzun müddət bu kitablar Azərbaycan məktəblərində əsas dərslik kimi istifadə olunmuşdur.

Rəşid bəy Əfəndizadə 1892-ci ildə Tiflis şəhərinə köçərək orada Aleksandrovski Müəllimlər İnstitutunda təhsilini davam etdirmişdir. 1900-1916-cı illərdə Qori Müəllimlər Seminariyasında ana dili və şəriət müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarananda, 1918-ci ildə Bakıya gələrək xalq maarifi sahəsində aparıcı islahatların həyata keçirilməsində yaxından iştirak etmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Rəşid bəy doğulduğu şəhərə – Şəkiyə köçmüş, pedaqoji fəaliyyətini və bədii yaradıcılığını davam etdirmişdir. Ədib 1942-ci ildə Şəkidə vəfat etmişdir.

Rəşid bəy Əfəndizadə uşaqlar üçün yazdığı əxlaqi-didaktik şeirlər, təmsillər, hekayələr, dram əsərləri, dərslik və müntəxəbatlar müəllifi kimi tanınır. Onun yaradıcılığının böyük bir qismini şeirlər təşkil edir. Ədibin maarifçi dünyagörüşündən irəli gələrək uşaq psixologiyasına uyğun yazılmış bu mənzumələrdə əxlaqi-tərbiyəvi fikirlər, vətənə məhəbbət, mənəvi gözəllik, valideyn-övlad münasibətləri, ülvi hiss və duyğular ifadə olunur. Bununla yanaşı, Rəşid bəyin şeirlərində mövzu və tematikadan asılı olmayaraq elmi biliklərə yiyələnmək, zəhmətkeş olmaq, maarifə rəğbət hissi, məktəbə, təhsilə çağırış hisləri aparıcı yer tutur. Bu mənzumələrdə uşaqlarda elm, ürfan sahibi olmaq, cahil qalmamaq, əziyyət və məhrumiyyətlərə qatlaşmaq, əməksevərlik kimi gözəl əxlaqi sifətlər təbliğ edilir. Müəllifin “Elmin şərafəti”, “Məktəbə dəvət”, “Nəsihət”, “Tənbəl”, “Ziyalan” və s. şeirləri bu cəhətdən seçilən nümunələrdəndir.

Rəşid bəy Əfəndizadə şeirlərində Vətən məhəbbəti, sevgisi, mənəvi borc vətəndaşlıq mövqeyi ilə çulğalaşır və insana məsuliyyət hissi, doğulduğu torpağa, məkana bağlı olması fikrini aşılayır, uşaqlara vətəni sevdirmək, məhəbbət hissləri aşılamaq, vətənpərvərlik ruhu oyatmaq məqsədinə istiqamətlənir.

 
Vücudu harda doğsa, adəm oğlu gəlsə dünyaya,
O yerdən başqa yer, cənnət də olsa, dari-qürbətdir1.
Ağac bir yerdə kök saldısa, qalxar, şax budaq atar,
Köçürsən öz yerindən, gör onun halı nə zillətdir…
Bütün əcdadımız mədfən2 Vətən torpağı altında,
Bizə vacib bu qəbristanı hər dəmdə ziyarətdir.
Nə bədbəxt kimdirsə o kəs, vətən mülkünü tərk eylər.
Gedər qürbət yerə, gəlməz, bunun halı səfalətdir.
Diyari-qürbəti seyr eyləmək lazımdır, əlbəttə,
Bəsirət3 kəsb edib niyyət Vətən mülkünə himmətdir4.
 

Ədibin şeirlərinin böyük bir qismi təbiət mövzusundadır. Topluda yer alan bu şeirlərin əsas qayəsini əxlaqi-tərbiyəvi fikirlər təşkil edir, uşaqları təbiət gözəllikləri, hadisələri, predmetləri, ilin fəsilləri, güllər, çiçəklər, quşlar haqqında məlumatlandırmaq, təsəvvür yaratmaqla təbiət və onun gözəlliklərinə maraq, sevgi və diqqət hissi oyadılır. Bu xüsusiyyət ədibin “Bostan bitkiləri”, “Bahar”, “Baharın tərifi”, “Bahariyyat”, “Gül”, “Qırqovul”, “Bənövşə”, “Durna”, “Fəsillər”, “Yağış” və s. şeirlərinin əsas xəttini təşkil edir. Uşaq psixologiyasına, qavrama səviyyəsinə uyğun canlandırılan bu lövhələr yalnız təsvirlə məhdudlaşmır, uşaq bu şeirlərdə seyrçi mövqedə dayanmır, bəzən kiçik qəhrəmanın hissləri, təəssüratları da hadisələrlə birlikdə canlandırılır. Bəzən isə müəyyən təsvir uşağı düşündürür, məntiqi təfəkkürünün inkişafına təkan verir. “Fəsillər” şeiri bu cəhətdən maraqlı nümunələr sırasındadır. Ədib fəsillər haqqında uşaqlarda təsəvvür yaratmaq məqsədilə fəsillərin adlarını çəkmədən onlara məxsus detalları seçir, hər fəslin səciyyəvi xüsusiyyətlərini qabardır. “Göydən rəhmət saçılar” (yaz), “Quşlar bala balalar”, “Sünbül çıxar, dən olar” (yay), “Meyvə dəyib dərilər”, “Xırman-taxıl döyülər” (payız), “Hər evdə ocaq yanar” (qış). Tapmaca şəklində qurulan bu şeirdə müəllif fəslin əlamətlərini sadalayır, uşağı həmin təsvirlər əsasında düşündürür.

Lirik üslubda yazılmış bu şeirləri ədib klassik şeirin ikilik, dördlük, beşlik, altılıq şeir şəkillərində, qitə, nəğmə, nəsihət janrlarında yazmışdır. Xalq ədəbiyyatı, əruz və heca vəznində yazılan bu mənzumələr yığcamlığı, sadəliyi, ritmikliyi ilə seçilir, bəzən eyni səslərin təkrarlanması musiqi ahəngi yaradır.

Yeni realist ruhlu uşaq hekayələrinin yaranması və inkişafında R.Əfəndizadənin rolunu xüsusi qeyd etmək lazımdır. Şeirlərində olduğu kimi nəsr əsərlərində də vətənpərvərlik, yurda bağlılıq, məktəbə, təhsilə çağırış, böyüklərə hörmət, öz halal zəhməti ilə yaşamaq kimi gözəl əxlaqi sifətlər təlqin olunur. Ədibin hekayələrində vətənə, yurda məhəbbət (“Doğma yurd”), zəhmətsevərlik (“Yüz yaşında bağban”, “Uşaqların meşədəki əhvalı”, “Bəxt”), təhsilə çağırış (“Çeşmək”, “Fəqir Cəfərin alim olmağı”, “Elm tükənməz xəzinədir”), təbiətə qayğı (“Donuz və palıd ağacı”), böyüklərə hörmət (“Qoca baba və nəvəsi”) təsvir olunur, lovğalıq, təkəbbürlülük (“Bayquş və dovşan”, “Keçilər”) kimi mənfi sifətlər pislənilir. Onun hekayələri həcmcə yığcamlığı, lakonikliyi, dil sadəliyi baxımından seçilir. Bu hekayələrdə folklor, xalq ədəbiyyatı ənənələri, məsəl və ifadələrə, Şərq ədəbiyyatı və klassik Azərbaycan ədəbiyyatının didaktik maarifçi ənənələrindən bəhrələnmə daha qabarıq nəzərə çarpır.

Ədibin təmsilləri də yüksək tərbiyəvi əhəmiyyətə malikdir.

Bədii fəaliyyətə şeirlə başlayan Rəşid bəy Əfəndizadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində M.F.Axundzadə realist ənənələrinin davamçısı kimi tanınır. Milli uşaq dramaturgiyasının inkişafında xüsusi xidmətləri olan Rəşid bəyin səhnə əsərlərində cahillik, feodal münasibətlərinin qalıqları, cəmiyyətdəki mədəni gerilik tənqid olunur, tipik mənfi obrazlar yaratmaq, onları ifşa etməklə yeni mühit formalaşdırmaq, uşaqları tərbiyələndirmək məqsəd seçilir. Ədib Qori Müəllimlər Seminariyasında oxuduğu illərdə ilk pyesini, “Qan ocağı”nı yazmış və əsəri məktəb səhnəsində tamaşaya qoymuşdur. “Qan ocağı” pyesindən sonra “Tiflis səfərləri”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Saqqalın kəraməti”, “Pul dəlisi”, “Bir saç telinin qiyməti”, “Diş ağrısı” pyeslərini yazmışdır. Dramaturqun “Qan ocağı” pyesində cəhalətin yaratdığı eybəcərliklər gülüş hədəfidir. “Bir saç telinin qiyməti”ndə isə kasıb ailənin məhrumiyyətləri, namuslu Şəfiqənin cəmiyyətin eybəcərliklərinə qarşı qoyulması komik deyil, dramatikdir. “Saqqalın kəraməti”, “Tiflis səfərləri” isə vodevil janrında yazılmışdır.

“Məktəbə dəvət” kitabında dramaturqun dövrün reallıqlarını, ictimai həyatın eybəcərliklərini göstərən, xalqı inkişafdan, tərəqqidən geridə qoyan köhnə adət-ənənələrdən ayırmaq istəyinin əksi olan “Qan ocağı”, “Saqqalın kəraməti”, “Bir saç telinin qiyməti”, “Tiflis səfərləri” pyesləri yer almışdır.

XX əsr Azərbaycan ədəbiyyatı tarixində uşaqlar üçün yazılan, onlarda mənəvi-əxlaqi keyfiyyətlər aşılayan, dünyagörüşlərinin, estetik zövqlərinin formalaşmasına təsir göstərən, gənc nəslə vətənpərvərlik, doğruluq, düzgünlük kimi gözəl insani sifətlər təlqin edən, ictimai həyatın eybəcərliklərini, insan psixologiyasını səciyyələndirməklə uşaqların düzgün tərbiyə olunmasına təsir göstərmək baxımından Rəşid bəy Əfəndizadə irsi bu gün də öz aktuallığını itirmir və əhəmiyyətli, dəyərli əsərlər olaraq yaşayır.

Günay Qarayeva
filologiya üzrə fəlsəfə doktoru, dosent

Şeirlər

MƏKTƏBƏ DƏVƏT

 
Məktəbin vaxtıdır, əzizim, dur ayağa, ey oğul!
Gün çıxıb pəncərədən düşdü otağa, ey oğul!
Çox zamandır ki, xoruzlar oyadıbdır xalqı,
Paltarını əyninə gey, çəkməni ayağa, ey oğul!
Quş ola, heyvan ola, insan ola, zərərdir,
Kəsbdən qeyri qədəm qoysa qırağa, ey oğul!
Yük çəkir hər cücü öz rizqini5, hər arı özün
Vuracaq baldan ötrü daşa, budağa, ey oğul!
Kəsbidir, gərçi tutur torçu balıq dəryadan,
Kəndçinin meyli olur bostana-bağa, ey oğul!
Fikir eylə indi, oğul, elm sənin kəsbindir.
Sən də get məktəbə, elmə, dur ayağa, ey oğul!
 

ELMİN ŞƏRAFƏTİ

 
Ey yaşı kiçik uşaqlar!
Ey elmə tərəf rəvan uşaqlar!
 
 
Elmin səməri6 şirindir, oğlum,
Öyrənməyin şərti səydir, oğlum.
Cahillər üçün çətindir, oğlum,
Cəhlin7 quyusu dərindir, oğlum.
 
 
Qaçın o quyudan, aman, uşaqlar!
Halınız olar çox yaman, uşaqlar!
 
 
Get elm dalınca, eylə təhsil,
Durma, nöqsanını eylə təkmil,
Döz zəhməti-elmə bir neçə il,
Kəsbi8-şərəf eylə, qədrini bil.
 
 
Olun elmə mehriban, uşaqlar!
Gül ilə can nisar9, uşaqlar!
 
 
Ölsə də alim, hər an diridir,
Cahil sağ olsa da, daim ölüdür,
Bu hikmətə eylə yaxşı diqqət,
Sən, oğlum, eylə həyata qeyrət.
 
 
Qeyrət dəmidir, aman, uşaqlar!
Hər zəhmətə döz, dayan, uşaqlar!
 
 
Çalış hər üluma10 ol xəbərdar,
Dur, hikmət əhlini get axtar,
Dünyada qəribə gör nələr var,
İnsanı ülum yaxşı saxlar.
 
 
Qalmaqdan avam utan, uşaqlar!
Elmin şərəfini qan, uşaqlar!
 

MƏKTƏB NƏĞMƏSİ

 
Məktəb sənə nicat11 yolun göstərər,
Həyat yolun, məmat12 yolun göstərər.
Məktəb sənə qanmadığını qandırar,
Cəhalətin cəbhəsini yandırar.
Hürriyyətə13 fürsət yolun göstərər,
İstibdada14 lənət yolun göstərər,
Bu dünyanın cənnət yolun göstərər,
Elm nuru qəlbin işıqlandırar.
Xəyal eylə, yaxşı yanaş məktəbə,
Bu yol səni tez çatdırar mətləbə.
Məktəb sənin gözün işıqlandırar,
Şərri pozub, xeyrin hökmünü yazar.
Həvəs və inamla getsən məktəbə,
Yetişərsən elmə və mərifətə.
Məktəb xalqa irşad15 yolun göstərər,
İnsan tək yaşamaq yolun göstərər.
Qanad verər uçub da ucalmağa,
Məcbur edər zalımları qaçmağa.
Cəhalətin firqəsini at, gözüm,
Çalış ali dərəcəyə çat, gözüm!
Elm, ürfan16 tanıdacaq özünü,
Qandıracaq sənə hər bir sözünü.
Məktəb açar bəsirətin gözünü
Təbiətin hikmət yolun göstərər.
Qarşıda açdırar səadətin yolun,
Çəkiclə zindana qüvvətli qolun
İşlətməyin üsulunu göstərər.
Şaki17 verib maarifə fikrini,
Sair şeyə sərf eyləməz zikrini,
Əhli-vicdan edər bunun şükrünü,
Avamlara nicat yolun göstərər.
 

VƏTƏN MƏHƏBBƏTİ

 
Məhəbbət eyləmək hər yurd üçün bir sirri-hikmətdir,
Vətən viranə olsa da, məsəldir, məhz cənnətdir.
Havası can verir cana, suyu taqət verir cismə,
Vətən qüvvət verir qəlbə, Vətən cürət verir şəxsə,
Vətən zinət verir ruha, Vətən bir başqa hikmətdir.
Vətən bir şamdır, pərvanəsi onun mənəm, sənsən,
O şamın nuru da hər kəsdəki elm ilə sənətdir.
Vücudu harda doğsa, adəm oğlu gəlsə dünyaya,
O yerdən başqa yer, cənnət də olsa, dari-qürbətdir.
Ağac bir yerdə kök saldısa, qalxar, şax budaq atar,
Köçürsən öz yerindən, gör onun halı nə zillətdir.
Qoparsan laləni şaxından, üzsən ya gülü güldən,
Solar, bərbad olar, qalmaz nə tab və nə təravətdir.
Tutub qatilləri divan, Vətəndən eyləyir sürgün,
Bu zülmü bu sitəm bu kəslərə eyni ədalətdir.
Bütün əcdadımız mədfən Vətən torpağı altında,
Bizə vacib bu qəbristanı hər dəmdə ziyarətdir.
Nə bədbəxt kimdirsə o kəs, Vətən mülkünü tərk eylər,
Gedər qürbət yerə, gəlməz, bunun halı səfalətdir.
Diyari-qürbəti seyr eyləmək lazımdır, əlbəttə,
Bəsirət kəsb edib niyyət Vətən mülkünə hümmətdir.
 

ANANIN LAYLA SƏDASI

 
Balama çalsa layla, bülbüllər,
Balamı bəsləsə qızılgüllər,
Balama söyləsə şirin dillər:
– Qoy, anan da yazıqdı, yatsın, gəl
Yat, balam, yat, quzum, bir az dincəl.
 
 
Ciyərim parəsi, gözüm nuru,
Dərdimin sən əlacı-məşhuru.
Qulluğunda anan pərəstardır18,
Söyləyir hamı: – Ey gözəl nuru,
Qoy, anan da yazıqdı, yatsın, gəl
Yat, balam, yat, quzum, bir az dincəl.
 
 
Yaşa, boylan, sağ ol, cavan canım,
İgid ol, ərsəyə gəl, oğlanım!
Oxu, ol millətin pərəstarı,
İndi yat yuxula, dərdə dərmanım!
Qoy, anan da yazıqdı, yatsın, gəl
Yat, balam, yat, quzum, bir az dincəl.
 
 
Aqil ol, çat kamala, ey oğlum!
Alim ol elmi-halə, ey oğlum!
Mərifət məktəbində xoşbəxt ol!
Uğrama heç zəvalə19, ey oğlum!
Qoy, anan da yazıqdı, yatsın, gəl
Yat, balam, yat, quzum, bir az dincəl.
 

ANA KİMDİR

 
Əzizim, kim sizi doğub böyüdür,
Qul kimi qabağınızca gedir,
Kim sizə güclü mehribanlıq edir?
O gözəl, nazlı, mehriban ananız,
O sizi bağrına basan ananız!
 
 
Kim sizi yaxşı doydurub içirir,
Kim sizə dadlı rizqilər bişirir,
Kim sizə, hər nə lazım isə, verir?
Balanın qeydinə qalan ananız,
O sizin odlara yanan ananız!
 
 
Kim çəkir sizlərə keşik gecələr,
Kim yerində oturur dik gecələr,
Gah qurur nənni, gah beşik gecələr?
Sizi candan əziz tutan ananız,
Göz önündə sizə baxan ananız!
 
 
Kim sizi hifz edir bəlalardan,
Əl çəkib qohum və əqrəbalardan,
Qaçmayıb cövrdən20, cəfalardan?
O zəhmətkeş yazıq, cavan ananız,
Canı candan sizə yanan ananız!
 
 
Kim pərəstar olur sizə axşam,
Kim yuxunu özünə edir haram,
Kim çalışmaqdadır bilaaram21?
O yazıq, binəva çoban ananız,
Canını odlara yaxan ananız!
 
 
Kim sizə xəstə halınızda baxar,
Yeməyin, içməyin bütün buraxar,
Sübhədək yuxusu gözündən axar?
Ciyəri od tutub yanan ananız,
Baladan ötrü can qoyan ananız!
 
 
Kim sizin paltarı yuyub yamayar,
Kim sizin üçün xeyir-dua oxuyar,
Kim sizə mərifət, nə isə deyər?
Tifil ikən tərbiyə alan ananız,
Mərifət ləzzətin dadan ananız!
 
 
Şaki, kimdi yazır bu əhvalı,
Eləyir sizi elmdən halı,
Söyləyir sizə bu günü və iqbalı22?
Tərbiyə rəmzin23 qanan ananız,
Kamilə, alimə olan ananız!
 

ZİYALAN

 
Cahana dərd sənsən, cahil olsan,
Xeyirsizsən, zərərsən, cahil olsan,
Sərasər, məhz şərsən, cahil olsan,
İşıqsız bir fənarsan24, cahil olsan,
Fənarın şamını tax da, ziyalan!
 
 
Fərqi yoxdur kişi ol, ya qadın ol,
Bərabərdir, səy et, ayıq ol,
Durma, çalış, cəhalətdən xilas ol,
Yetiş ürfana, yüksəlişə əsas ol,
Yorulma bircə an əsla, ziyalan!
 
 
Gecikmişsən, qulaq vermə bu hala,
Demə: “Ömrüm keçib getmiş zavala”,
Ulaş, çat məktəbə, dərsə, cəlala,
Elmi-arın çək ağuşi25-vüsala,
Alış, yan, yanğı sal, gurla, ziyalan!
 
 
Mitil tək yuxlama26, yatma bucaqda,
Uzanma xəstələr tək sən yataqda,
Cəhalət içrə kor qalma qıraqda,
Bu tənbəllik canındaydı bayaq da,
Göyə fışqır sən fişəng tək, ziyalan!
 
 
Bu dünyanın səfası elmdir, elm!
Dərdlərin dəvası elmdir, elm!
Qaranlıqlar ziyası elmdir, elm!
Həyatın məcrası elmdir, elm!
Əzəli, tamamı elmdir, elm!
Bunu sən də anla, bil, ziyalan!
 

TƏNBƏL

 
Oyan qəflət yuxusundan,
Gəl əl götür yaman gündən,
Yapış get bir iş ucundan,
Dava tap dərdinə, tənbəl!
Çıx o rahat otağından,
Düş əvvəlki damağından,
Yapış kəsbin qulağından,
Qulaq ver bir mənə, tənbəl!
Bu tənbəllik pis adətdir,
Çək əl bundan, xəcalətdir,
Çalışqanlıq nə dövlətdir,
Ayıl, ey binəva27 tənbəl!
Yönəl, get məktəbə sarı,
Öyrən bütün ən yaxşı asarı28,
Oxu, elm əhli ol, barı
Dedirtmə adına tənbəl.
Oxu elmi, işıqlan bir,
Yaxıl elm oduna, yan bir,
Avam qalmaqdan utan bir,
Bax öz əhvalına, tənbəl!
Olar hər yuxlayan qafil,
Qalar hər kəsbdən cahil,
Bunu çox pis, yaman iş bil,
Cəfa bas canına tənbəl!
 

NƏSİHƏT

 
Oğul, canım-ciyərim,
Dur, məktəbə aparım.
Oxu, çəkim xərcini,
Mənim səbri-qərarım.
Aman, aman, övladım,
Gözlə, batmasın adım.
 
 
Oğul, gəl get məktəbə,
Fikir ver hər mətləbə.
Əqlin-kamalın olsun,
Qoşulma biədəbə.
Aman, aman, övladım,
Gözlə, batmasın adım.
 
 
Gecə-gündüz çalış get,
Şagirdlərə qarış get.
Ciddi-cəhdlə sən oxu,
Dərsə, elmə alış get.
Aman, aman, övladım,
Gözlə, batmasın adım.
 
 
Məktəbini əziz bil,
Davam et bir neçə il.
Öyrən, balam, ol alim,
Qalma avam, cahil.
Aman, aman, övladım,
Gözlə, batmasın adım.
 

QƏLƏM

 
Qələm söylər ki: “Mən şahi-cəhanam,
Qələm əhlin kamala çatdıraram”.
Qələm söylər cahanda hər dil ilə,
Müsahibdir ədib kamil ilə.
Qələm alətdir əldə xeyli kəskin,
Qılıncdan itidir, topdan ötgün.
Qələm bir anda Şərqin halın anlar,
Diyari-Qərbin əhvalın anlar.
Əgər kəssən başın, etməz şikayət,
Həmişə eylər əmrinə itaət.
Qələm şakidir o kəsdən ki, bilməz
Onun qədrin, atar hər yana, silməz.
 

QADIN KİMDİR

 
Cahan bir cisimdir, canı qadındır,
Yaradan cümlə insanı qadındır.
Yaşar aləm, alar feyz qadından,
Ruhumun mənbəyi, məkanı qadındır.
Tədavi29, həm təkamül, həm tərəqqi
Verən insana, bil, onu qadındır.
Qadın yüksəlməsə, yüksəlməz aləm,
Yəqin, yüksəldən insanı qadındır.
Hüzuru məclisə böyük şərəfdir,
Şərafət hökmünün canı qadındır.
 

QADIN ŞƏRQİSİ

 
Bu gülşəni-dəhrin30 gülü, xəndanı31 qadındır,
İzzü şərəfi32, şövkəti, həm şanı qadındır.
Gün tək verir afaqa ziya mərifətilə,
Ərkəklər alan ol işığın kanı33 qadındır.
Ağuşu onun məktəbidir öz övladına,
Elmi-ədəbin əqil dəbistanı34 qadındır.
Qaimdir35 onunla bəşəriyyət, gələcəkdə
Nəslə yetirən elmli cavanı qadındır.
Ərkəklə qadından mütəşəkkil bəşəriyyət,
Lakin onun ədəb-mərifət şəni qadındır.
Qadın anamızdır, yüksəlməlidir o, hər an,
Təqdirə layiq o ülvi bəşər qadındır.
 

BİR QIZIN SUALI

 
Sordu bir ismi molladan bir qız:
“Nə üçün oğlan elm alır yalqız?
Nə olar, biz də elmi öyrənsək,
Oxuyub əmri-şərimiz bilsək?
Elm insan üçün şərafətdir,
Alim olmaq bir özgə nemətdir!”
Dedi molla ki: “Ey həya kanı,
Oxu yalnız savadi-Quranı.
Yazı yazmaq haramdır arvadə,
Yazsa, namusunu verər badə.
Arvadın elminə lüzum yoxdur,
Yazı bilməzsə, heç sözüm yoxdur”.
Bu sözü çün eşitdi qız ondan, dedi:
“Çıxma, a molla, imandan.
Sormuram mən sənin təsəvvürünü,
Mənə şərh etmə öz təfəkkürünü”.
Bunu molla eşitcək ol qızdan,
Dönmədi şərh qıldığı sözdən.
Dedi: “Mən sahibşəriətinəm,
Alimi-kaşifi-həqiqətinəm.
Arvadın əqli, dini naqisdir,
Yazı yazmaq onun üçün pisdir”.
Qız baxıb mollanın quru sözünə,
Söylədi eybini onun gözünə:
“Əmri-nahiyə36 hamı mükəlləfdir37,
Hansı işdə kişilər əşrəfdir38?
Kişi, arvad təfavütü39 yoxdur,
Hər birinin fəziləti çoxdur.
Ata ər isə, arvadı anadır,
Nəsil üçün arvadın adı anadır.
Ey kişi, sən də olmusan anadan,
Razı olma anan qala nadan.
Hər biri qoy azad həyat görsün,
Məgər insan deyildir arvadlar?
Mərifətdən neçin kənar tutular?
Nə üçün elmi sən haram eylədin,
Biz ünas40 əhlini avam eylədin?
Əl götür biəsas fitvadan,
Qorx, aman, molla, qəhri-mövladan41”.
 

BACILARA XİTAB

 
Ey günü qara, işi ah ilə əfğan bacılar,
Halı heyvana münasib, adı insan bacılar,
Ey gözü kor analar, xanəsi viran bacılar,
Tökməyin göz yaşı yaslarda kənar adəm üçün,
Hər kəs öz halına olmalıdı giryan42, bacılar.
Mərifətli ananın tərbiyəsi övlada
Başqa təsir verər, hikmətini qan, bacılar.
Cır ağac olmasa peyvənd43, verər meyvə acı,
Abidar44 olmağa yox meyvədə imkan, bacılar.
Elmsiz bir anadan başqa cür övlad olmaz,
Hər təbiət çəkəcək əslinə, mütləq, bacılar.
Necə ki, söylədi şeirində Füzuli atamız:
“Ləl olarmı qara daş, eyləsən al-qan”, bacılar.
Əgər əbnayi-vətən45 qalsa cəhalətdə, səbəb
Ən qabaqca anadır qalmaqda nadan, bacılar.
Atasilə anası olsa avam, övladın,
Qalır övlad da avam, bisəmər heyvan, bacılar.
Ata övladına zülm olmağı layiq görməz,
Qoymaz övladını heç vəqt də giryan, bacılar.
Atalar qızlarına şəfqət edib, rəhm etsə,
Oxudar məktəb açıb elmlə ürfan, bacılar.
Olsa hər ailəmiz bir mədəniyyət ocağı,
Mərifət mərkəzi bir mənbəi-ürfan, bacılar.
 

AĞLAĞAN UŞAQ

 
Ey balam! Sən neçin yatmayırsan?
Hər zaman ah edib ağlayırsan?
Yuxlamış, gün batıb, rahat olmuş,
Hər kəsə bu yuxu bir adət olmuş.
O zaman gördülər, gün batıbdır,
Quşlar öz mənzilində yatıbdır.
Həm toyuq, həm cücə, həm xoruzlar,
Həm böyük, həm kiçik indi yuxular.
Sən də yat, ey quzum, rahat olgil,
Yuxlamaq adama nəfdir46, bil!
Yum gözün, ağlama, etmə şıltaq,
Kəs səsin, dincin al, Allaha bax!
 

ÇOBAN

 
Davud ismində bir nəfər aşpaz,
Olmuş idi xəyanət əhli bir az.
Ağası qovlamışdı qulluqdan,
Gedib olmuşdu sərkərə47 çoban.
O güdürdü öz qoyun sürüsün,
Hər gün əskildirdi bir-ikisin.
Söyləyirdi camaata Davud:
“Dadanıbdır qoyunlara bir qurd,
Sürüyə gəlmiş Allahın qəzəbi,
Öldürən yoxdur belə biədəbi”.
Eşidən hirslənirdi öz-özünə,
İnanıb Davudun şirin sözünə.
Yağıdır qurd, deyirdilər, qoyuna,
Xalq məəttəldi belə bir oyuna.
Meşəni basqın etdirib, hər dəm,
Qoydular pusquda bir neçə adəm.
Alaçıqda nə tövr48 isə hər gün,
Davudun bişmişi ət idi bütün.
Gah bozbaş bişirirdi, gah kabab,
Gah dolma bişirirdi, gah qutab.
Qurdu kənd əhli burda karı görüb,
Qurda lənət yağış kimi töküb,
Aranırdı meşə, düzən, dağlar,
Molla da qurdun ağzın bağlar.
Bir əsər zahir olmadı qurddan,
Soruşan yoxdur bircə Davuddan:
“Nə üçün qurda atmısan böhtan,
Sən özün qurd imişsən, ey çoban!”
 
1.Dari-qürbət – qürbət diyar
2.Mədfən – dəfn olunan yer, qəbir, məzar, qəbiristan
3.Bəsirət – bir şeyi dərindən və tez anlama qabiliyyəti, gələcəyi görmə qabiliyyəti; göz
4.Himmət – məqsəd, cəhd, yüksək düşüncələr
5.Rizq – yemək
6.Səmər – xeyir, mənfəət, nəticə, hasil
7.Cəhl – avamlıq
8.Kəsb – qazanc əldə etmək
9.Nisar – səpmə, tökmə, şabaş saçan, qurban
10.Ülum – elmlər
11.Nicat – qurtulma, xilas olma, salamat qalma
12.Məmat – ölüm
13.Hürriyyət – azadlıq
14.İstibdad – zülm
15.İrşad – rəhbər, istiqamət
16.Ürfan – bilik, kamal, maarif
17.Şaki – şikayətçi
18.Pərəstar – xidmət etmə, qulluqçu
19.Zəval – tələf, məhv, zaval
20.Cövr – zülm
21.Bilaaram – aramsız, ara vermədən
22.İqbal – gələcək
23.Rəmz – sirr
24.Fənar – fənər
25.Ağuş – qucaq
26.Yuxlama – yuxulama, yatma
27.Binəva – yazıq
28.Asar – əsərlər
29.Tədavi – müalicə
30.Gülşəni-dəhr – güllü-çiçəkli aləm, dünya
31.Xəndan – gülən
32.İzzü şərəf – namus, ad-san
33.Kan – mədən
34.Dəbistan – məktəb
35.Qaim – düz dayanan
36.Əmri-nahi – qayda və qadağalar
37.Mükəlləf – məsul, cavabdeh
38.Əşrəf – ən şərəfli, daha şərəfli
39.Təfavüt – fərq
40.Ünas – qadınlar, qızlar
41.Qəhri-mövla – qüdrət sahibi, yəni Allah
42.Giryan – ağlar
43.Peyvənd – calaq
44.Abidar – bol sulu
45.Əbnayi-vətən – vətən oğulları
46.Nəf – qazanc, mənfəət
47.Sərkər – qoyunçu
48.Tövr – surət, hal, tərz, əda