Kitobni o'qish: «Ayna»
Qan Turalı
AYNA
İnsan olmağı unutma!
Bu hekayələrin hamısı mənimdir.
Çoxunun qəhrəmanı mən olmasam belə…
Nə fərqi var ki?
Mən qəhrəmanlarımın iztirab və sevinclərini, məhzunluqlarını və fərəhini, bütün dramalarını iliklərimə qədər yaşamışam.
Yazıçılıq hər şeydən qabaq daxili dünya məsələsidir.
Mənim üçün ədəbiyyat hər şeydən çox dinə bənzəyir.
Bir zamanlar insanlar issız səhralara, tənha mağaralara gedib özlərini axtarardılar.
İndi o insanlar yoxdurmu?
Əlbəttə, var, sadəcə bütün o dinlər, bütün o müqəddəs təlimlər və yaşantılar ədəbiyyata çevrilib.
Ədəbiyyat XXI əsrin dinidir.
Və yaşadığımız, yaşatdığımız, gördüyümüz, damarlarımızda axan qan kimi hiss etdiyimiz bütün bu hekayələr hər nə qədər fərqli məkan və zamanlarda cərəyan etsə də onların bizə pıçıldadığı bircə cümlə var: “İnsan olmağı unutma”.
Necə deyirdi şair, bəzi insanlar çiçəklərin adın əzbər bilir, mən ayrılıqların…
Elə insan var gözləri çox iti görür, eləsi var çox yaxşı qoxu alır.
Yazıçılar isə əzabları, arzu, ümid və ehtirasları hamıdan yaxşı seçə bilirlər.
Və bütün bu çalpaşıq hisslər, ziddiyyətli duyğular, hamısı gəlib yazıçının daxili dünyasında, yaddaşının qara qutusunda yazıya çevrilir və bütün bu yazılar da küll haqda bir məqsədə, bir mərama xidmət edir: “İnsan olmağı unutma”!
Adam və ağac
Əkrəm Əylisliyə
Çayxanada tək oturanlar həmişə diqqət çəkir. Amma bu təklik hər gün axşam saat 8-dən 9-a qədər davam edən rituala çevrilibsə, müştərilər o tək adamı çayxananın samovarı, televizoru kimi görürlər. Onun hekayəsi kimsəni maraqlandırmır. Elə tək adamın da ünsiyyət üçün ürəyi atmır. Heç ofisiantla da kəlmə kəsmir. O, çayxananın çəpərli həyətinə girib şam ağacının altında oturan kimi ofisiant çayını baunti ilə aparıb onun qabağına qoyur. Çayxanada baunti ilə çay içən yeganə müştəri odur. Çayı dərhal stəkana tökmür, bir az da dəmlənməyini gözləyir. Arada çaynikin qapağını açıb baxır da. Stəkanını doldurub qəndi isladır, ağzına atıb qaynar çaydan iri bir qurtum alır. İkinci stəkanda bauntini açır. Üçüncü stəkanı yavan içir. Dördüncü stəkanı isə soyudur, soyudur və yarısı yeyilmiş baunti ilə bir yerdə eləcə qoyub gedir.
Çayxanaya təzə işə düzəlmiş ofisiantın diqqətini hamıdan çox bu tək adam cəlb edir. O bu barədə sevgilisinə də yazıb. Hər gün tək adamın təkadamlıq ritualına tamaşa edən təzə ofisiant onun haqqında kimdən soruşdusa hamısı əlini yellədi. Bu əlyelləmədə məlumatsızlıqdan ziyadə vecsizlik vardı: “Neynirəm e onu?”. Tək adam hamının gözü qarşısında elə unudulub ki, kimsə onu necə unutduğunu belə xatırlamır. Adiləşib tək adam. Onun adını da bilən yoxdur. Qonşuları belə onun bura köçdüyündən xəbərsizdir. Bir gecə ofisiant çayxananın çöl qapısını bağlayıb getmək istəyəndə (bu işi həmişə təzə gələn işçilərə tapşırırdılar) qarşısına tək adam çıxmasaydı, yəqin bir müddət sonra o da bu nəticəsiz axtarışlardan yorulacaqdı.
– Deyəsən, bağlayırsınız…
– Eybi yox, buyurun.
– Yox, əziyyət verərəm.
– Yox, yox, o nə deməkdir, buyurun.
Ofisiant kiliddən çıxartmağa macal tapmadığı açarı arxaya çevirib qapını açdı. İşıqları yandırıb samovarı qoşdu. Şkafdan bauntini götürüb boşqaba qoymaq istəyəndə tək adam: “Şokaladı gətir bura, iki dənə də stəkan, çay lazım deyil”, – dedi və qoltuğundan bir şüşə çıxartdı. Ofisiant da adamın tapşırdığı şeyləri götürüb gəlib onun qarşısında, tək adamın həmişəki yerində – şam ağacının altında oturdu. Oturan kimi ofisiantlıqdan müştəriyə, bəlkə də tək adamın həmdəminə, ya da daha yumşaq təyin işlətsək, masa yoldaşına çevrildi. Biz indi onu gənc deyə adlandıracağıq.
Gənc tək adamın armudu stəkana süzdüyü rəngli içkinin viski olduğunu bilsə də,indiyədək dadına baxmamışdı. Stəkanları toqquşdurub içdilər. Sükut çilikləndi.
“Biz heç tanış da olmadıq”, – bunu gənc dedi.
Tək adam isə (artıq tək deyildi, gəlin ona da eləcə“adam” deyək) dalıb getmişdi gənci indi daha çox maraqlandıran xatirələrin arxasınca. Sualı eşitmədi heç. Bu gedişat gəncin ürəyincə deyildi. Darıxmağa başladı, gedib televizoru açdı, musiqi kanalında saxlayıb gəlib yenə oturdu. Həzin musiqi səsi eşidildi. Musiqi viskiyə qoşulub həm gənci, həm də adamı yavaş-yavaş əridirdi, bir-birilərinə məhrəmləşdirirdi. Adam gəncin üzünə, az qala, məhəbbətlə baxıb ondan adını soruşdu, sonra da öz adını dedi. Söhbətin axara düşməsi gənci ümidləndirirdi. Həvəslə soruşdu:
– Bu axşam yox idiniz…
– Özümü öldürməyə getmişdim.
Adi suala verilən belə dəhşətli cavab gənci çətinə saldı. Armudu stəkanı başına çəkməkdən başqa bir şey fikirləşə bilmədi. Adam ona baxıb gülümsəyirdi və bu təbəssüm o sözlərin soyuqluğu ilə heç cür uyuşmurdu. Bu gülümsəmə tamamilə başqa, bəxtəvər dünyadan xəbər verirdi. Həmin bəxtəvər dünyada insanlar özünü öldürməyi ağıllarına da gətirməzdilər. Gənc yüz dəfə özünü inandırmaq istədi ki, özünü öldürmək-zad, bunlar hamısı zarafatdır, xoşluq üçün deyilən sözlərdir. Əlbəttə, elə bir dünyada yaşayırıq ki, adamlar belə zarafatlar edirlər, etmələri bir qırağa, üstəlik, özlərinin bu zarafatlarına şaqqanaq çəkib gülürlər də. Amma adam zarafat-zad eləmirdi. O, həqiqətən də, Kür çayının üstündə salınmış körpüdən gəlirdi. Orda olduğu bir saat ərzində lilli sulara baxıb siqareti çoxdan tərgitsə də, bir qutu siqaret çəkmiş, sonra da birbaşa çayxanaya qayıtmışdı.
Gənc handan-hana özünə gəlib ondan cavabının zarafat olub-olmadığını soruşdu. “Yox, nə zarafat?!”, – dedi könülsüzcə adam. İntiharından kim həvəslə danışar ki zatən. Təbii ki, qarşınızdakı pulunu ödədiyiniz psixoloq deyilsə…
“O gün səni gördüm bizim binada. Həyətdə durdun, telefonla danışdın, sonra da birinci bloka girdin. Eləmə belə… Başa düşürəm, cavansan. Amma eləmə.”
Bunu adam müdriklik qatılmış ərkyanalıqla elə tonda dedi ki, gəncin səhərdən bu yana, azı, on nəfərə danışdığı fahişə macərasını gözündən saldı.
Sükut çökdü. İkisi də utanırdı sanki. Biri dünən elədiyindən, o biri isə açıb-ağartmaqdan. Adam sanki günahını yumaq üçün gəncin stəkanını doldurdu, əlini çiyninə vurub “İçək” dedi. Boş stəkanı yerə qoyan kimi adam ayağa durub gəzişməyə başladı. Sanki hansısa məsələ ilə bağlı mühüm qərar verməyə tərəddüd edirdi. Gənc də ona baxır, nə deyəcəyini gözləyirdi. Adam şam ağacını qucaqlayıb öpdü, oğlanın heyrət dolu baxışları altında hönkürdü. Sonra gəlib yerinə oturdu:
– Mən onu çox sevirdim, amma bizimki alınmadı, çıxıb getdim Rusiyətə. Sonra eşitdim ki, ərə gedib, bir az sonra da eşitdim ki, “uksus” içib özünü öldürüb. Bir il olar, qayıtmışam, hər gün gəlib bu çayxanada, bu ağacın altında çay içirəm. Bilirsənmi niyə? Düz 23 il bundan əvvəl onu ilk dəfə burda öpmüşəm. Bax, elə bu ağacın altında. Sevgili də Tanrı kimi tək olmalıdır.
Ağac elə sakit dayanmışdı ki, elə bil bu əhvalatdan qəti xəbəri yox idi. Onun əvəzinə cırcıramanın səsi aləmi bürümüşdü.
Kislovodsk-Bakı
İyul 2016
Şanel
Hər şey o gecə zəngi ilə başladı. Nərmin yükləyiciyə taxdığı telefonun səsinə ayıldı. Təzəcə yuxuya getmişdi. Qəfil zəng onu möhkəm diksindirdi. Zəng vuran isə… Kaş o olmayaydı. Nərmin bu zəngi çox gözləmişdi. Amma bu bir ildə o adam əlini telefona atmamışdı. Nərmin də onu anbaan unutmuşdu. Zəngini gözləyə-gözləyə unutmuşdu. Unutduğunu hiss etdiyi an yadına düşmüşdü və onu xatırladığı saniyəni də unutmuşdu. Bu qabarma-çəkilmələr uzun sürmüşdü. Onu unutduğunu xatırlamırdı, xatırladığını da unutmurdu. Aylardan sonra sərxoş axşamların birində mahnı çalınmışdı və o mahnını eşidib elə stoldaca hönkürmüşdü. Üzünü yuduqdan sonra güzgüdə bambaşqa adam görmüşdü. Bu, Azərbaycan Respublikasının vətəndaşı Paşayeva Nərmin Famil qızı idi. Amma bu Nərmin on dəqiqə qabaqkı Nərmin deyildi. Hönkürtü və o göz yaşları yepyeni Nərmin yaratmışdı. Ötüb keçən aylarda şəxsiyyət vəsiqəsində bircə qrafa dəyişilmişdi, amma Nərmini Nərmin edən həmin düzəliş deyil, göz yaşları idi. Nərmin öz göz yaşlarından başqa bir Nərmin yaratmışdı.
İndi telefonda onun şəkli görünürdü. Axıb-gedən zamanın sönükləşdirib, nimdaşlaşdırdığı xatirələrin adamı… “Alo” deyəndə səsinin soyuqluğuna Nərmin özü də heyrətləndi. Amma o tərəfdəki səs qaynar, ehtiraslı idi. Nərminin buzunu sındıra bilməyəcəyi dərəcədə isti səs… Əvvəlcə gecə vaxtı narahat etdiyinə görə üzrxahlıq… Nərminin inamlı “eybi yox”u…
– Nərmin, bilirsən niyə zəng elədim… Bilmirsən. Siz qadınlar həmişə istəyirsiz ki, kişilər möhkəm olsun. Biz də möhkəm oluruq. Olmuruq əslində, möhkəm görünürük. Siz də deyirsiz ki, möhkəm yaxşıdır. Amma yox. Biz ağlayanda “erkəklər ağlamaz” deyirsiniz. Göz yaşı təkcə sizə verilməyib axı. Bizim də gözümüzün yaşı var. Bunları niyə deyirəm… Çox pisəm, Nərmin. Hər şey üstümə gəlir. Hər şey… Bu, bir kişinin tənhalığa çəkilib kədərlənməsidir, ağrımasıdır. Ağrını kiminlə bölüşəsən? Axı kişi möhkəm olmalıdır. Mən isə… Mən isə ağrıyıram. İçdən ağrıyıram. Xəbərlərə baxıram. Bir uşaq ölüb. Başa düşürsən? Bir uşaq. Qəzaya düşüb. Altı aylıq. Necə ağlamayım mən? Bax… Çadra sizə niyə verilib, bilirsən? Rahat ağlaya biləsiniz deyə. Hönkürməsəniz, ağlayanda çiyinləriniz atılmasa anlamarıq biz. Biz göz yaşlarınızı gizlətmək üçün çadraya bürüyürük sizi. Siz də deyirsiniz ki, qadın azadlığı-filan. Çadra göz yaşını gizlətmək üçündür, Nərmin…
– Ağla da, sənə nə mane olur?
– Başa düşmürsən məni…
– Yoxsa ağlaya bilmirsən? Amma sən ağlada bilirsən, təcrübən var axı.
– Nərmin…
– Buyur, dinləyirəm səni…
– Sənin qarşında günahkaram. Bunu bilirəm. Üzr istəyirəm. Yüzüncü dəfə…
– Üzr?
– Yox, üzr də yox. Bax, biz gərək üzrdən daha böyük, daha uca bir şey düzəldəydik. Tövbə var. Amma tövbə Tanrıyadır. O da bir cür üzrdür. Amma biz Homo Sapienslər peşmanlıq üçün bu 150 min ildə üzrdən daha böyük nəsə düzəldə bilmədik. “Mersedes"in yüz modelini düzəltmişik. Heyvana atdığımız daşlardan atom bombası düzəltmişik. Amma peşmanlıq ancaq üzr şəklindədir.
– İndi üzr mövzusunu araşdırırsan? Yunan mifologiyasında üzr məsələsi necə qoyulub? Konfutsi bu haqda nə deyir?
– Mən günahkar deyiləm. Özümü günahkar bilmirəm. Sadəcə… Məndən asılı olmadı. Mən aşiq oldum.
– Mənə “səni sevirəm” deyəndən bir həftə sonra?
– Əslində… Bilirsən… Mən əslində…
– Bilirəm…
– Sən günahkar deyildin…
– İsa peyğəmbərdir, mənəm – bizim günahımız yoxdur.
– Səndən sonra mutlu olmadım mən. Ağlamaq istəyib ağlaya bilməyən adam təsəvvür edirsən? Qəhər gəlib yumruq kimi düyünlənirdi boğazımda. Gözümdən yaş çıxmırdı. Xoşbəxtola bilmədim. Yüz dəfələrlə telefonu əlimə götürdüm. Amma sənə deməyə söz tapmadım, Nərmin. Biz hələ o sözləri tapa bilməmişik. Biz axmaqlar hələ o sözləri yarada bilməmişik. Qədim qəbilə haqqında oxumuşdum. O qəbilənin dilində sevgi sözü yoxuymuş. Sevmək əvəzinə “istəmək” deyirlərmiş. “Ət istəyirəm”. “Qız istəyirəm”. “Alma istəyirəm”. Eyni sözlərmiş. Gör, o qəbilənin oğlanları nə əzablar çəkirmiş. O böyük duyğu ifadəsiz qalırmış ürəkdə… Hisslər söz olmadığına görə doğula bilmirmiş. Ürəyə yük düşürmüş.
– Deməzdim. Sevgi də ət istəyi deyilmi? Məncə, onlar fikirlərini daha dəqiq ifadə edirlərmiş. Daha sizlər kimi öz şəhvətiniz naminə Nitsşedən, Movlanədən sitat gətirmirlərmiş. “Ət istəyirəm”. Aydındır. Amma siz neynirsiz? Qızı yatağınıza salmaq üçün Nitsşeni qəbirdən çıxardırsız. Yazıq Nitsşe. Bir qız sevmişdi, o da bakirə idi. Fahişəxanaya getdi, sifilisə yoluxdu, elə ondan da öldü. Yaddaşını itirmişdi Nitsşe. Amma yaddaşını itirəndə də kişi idi. Əsl kişi. Kişi kimdir? Əsl insan. İdeal insan. Canım sənə desin, Fövqəl İnsan. Atı qucaqlayıb ağlamışdı. Atı ha! O at, bilirsənmi hansıdır? Çexovun hekayəsi var, bir yerdə oxuyurduq həmişə. “Qüssə” idi də adı, “Toska”. Faytonçunun oğlu ölür, dərdini danışmaq istəyir, heç kim qulaq asmır, gəlib ata danışır. Ağlıma gəlib ki, bu at elə Nitsşenin boynuna sarılıb ağladığı atdır. Ya da o atın qohumudur. Nə bilim. Belə fikirləşirəm. Gecə vaxtı zəng eləyib mənə Nitsşedən danışdırırsan… Özünsə ağlamağa cəsarət tapmayıb, mənə zəng vurmusan. Nitsşe qədər də olmadın. Nitsşe qədər… Yox, elə deməyim. Yaddaşını itirən, kitab yazdığını belə unudan Nitsşe qədər olmadın.
Telefonun o başından səs eşitdi Nərmin. Zırıltı idi, yoxsa hırıltı – anlamadı. Araya çökən sükut Elçinin quyu dibindəymiş kimi uzaqdan gələn səsi eşidilənədək davam etdi. “Məni mutsuzluğuma bağışla, Nərmin” deyirdi o səs. “Həmişə sənə zarafatla deyirdim ki, məni daim mutlu biri kimi xatırlayarsan. Amma indi “məni mutsuzluğuma bağışla” deyirəm.”
– Yox, Elçin, bağışlamıram. Məni bədbəxt edib özün də bədbəxt olacaqdınsa bu oyun nəyə lazım idi? Barı özün xoşbəxt olaydın. Səni xoşbəxt biləydim. O zaman deyərdim ki, gedişim nəyisə dəyişib. O zaman düşünərdim ki, mənim göz yaşlarımın nəsə qiyməti olub. İndi necədir bəs? Mən bədbəxt, sən bədbəxt, bəs bu göz yaşları nə üçün idi? Bəs çəkdiyim bu qədər ağrı nəyə görə idi? Aldım qoz, satdım qoz. Bu nə ticarətdir, bu nə alverdir? Uzaqdaydın, başqa qollarda, başqa yataqlardaydın, amma təki səni xoşbəxt biləydim. O zaman mənim bədbəxtliyimin də qiyməti, hörməti olardı. Nə sən uddun, nə mən. Dəqiqə 120. Hesab 0-0. Sarı kart da yoxdur oyunda.
– Mən o zaman da mutsuz idim? Deməli, bu genetik imiş. Heçmi xilas ola bilməyəcəm mən?
– Sən xoşbəxt olmaq istəmirsən ki… Sən heç özün də bilmirsən nə istəyirsən. Sənin beş min yeddi yüz əlli altı dəfə danışdığın o lətifə vardı: “Mamed, sən də bir lotereya al da”. Bax, sən də eləsən. Lotereya almadan udmaq istəyirsən. Ölmüşdü Xankişi…
– Bu yumorun üçün darıxmışam…
– Başqa nə üçün darıxmısan?
– Deyimmi?
– De…
– Qoxun üçün…
– Əşşi, boş-boş danışma… Nə qoxu… İndiyə qoxu qalar?
– Vallah…
– Qoxum üçün darıxsaydın öz qoxusunu “Şanel”lə boğan o qızı sevməzdin. Doğrudan ha, onun qoxusu var? Uşaqlıq köynəyi qalıbmı, onu qoxla, bəlkə orda qalar. Yoxsa hər yerinə “Şanel” vurur o? Necə deyirdi Monro? Gecələr iki damcı “Şanel”lə yatıram. Monro idi də o?
– Hə, Monro idi. Fellini də bir filminə salmışdı. Avara amerikalı aktrisanın dilindən vermişdi. Bilirsən də, Fellini də Mazinaya xəyanət edirmiş.
– İstedadda Məmmədqulusan, xəyanətdə Fellini… Əksi olsaydı dahi olardın. Amma yox, dahi Fellini də xəyanət edib. Əgər istedadlı və sadiq kişi düzəltmək mümkün olsaydı, bu, bəşəriyyətin ən böyük kəşfi olardı. Eşq sözünü, görəsən, ilk dəfə hansı gicbəsər tapıb… Onu tutub minərdim. Sözə bax: eşq. Yox bir mızqlet. Eşq sözünü tapmaqdansa xəyanət etməyən, ağlatmayan, ağlayan kişi düzəldərdilər də…
– Mənim ümidim neandertallaradır…
– Necə yəni?
– Bu yaxınlarda bir alim dedi ki, mənə 50 milyon dollar verin, sizə neandertal düzəldim. DNT-ləri var axı. Neçə qadın da razı olmuşdu neandertal DNT-si ilə süni mayalanmaya. Deyirəm, bəlkə neandertallar sən deyənlərdən imiş. Ağlayan və ağlatmayan, xəyanət və eşq nədir bilməyən.
– Bəs niyə vermədilər?
– Baha idi də qiyməti… Həm də, sən dedin, ağlıma batdı. Bilirsən də, alimlər deyir, neandertalları Homo Sapienslər, yəni sənin-mənim babalarım qırıb. Soyqırım ediblər…
– Dünya birliyi bu ədalətsizliyə hələ də susur.
– Hə, vallah! Deyirəm, bəlkə eşqə inanmadıqları, xəyanət etmədikləri üçün neandertalları öldürmüşük. Həm də, bilirsənmi, neandertallar Homo Sapienslərlə sevişə bilirlərmiş. Görmürsənmi, evə, ailəsinə bağlı, sevdiyi qızın üstünə gül qoxlamadığını deyən kişilərə necə lağ edirlər? İndi lağ edirlərsə, yəqin o zaman öldürərdilər…
– Elçin…
– Hə…
– Gecə vaxtı nə neandertal-neandertal salmısan?
– Ağzım qızışıb…
– Sənin təkcə ağzın qızışmır, özün də qızırsan…
– Simona Sartr haqqında necə demişdi: o, ehtiraslıdır, amma yataqda yox.
– Daha bir sitat.
– Yaxşı, susdum, sən danış, mən qulaq asım.
– Sağ ol, Elçin. Sağ ol. Dinləməyi öyrənmisən deyəsən.
– Yenə Nərmin, yenə tikan.
– Dayan e, Şanel neynir? Yenə qlamurluq eləyir? Yoxsa onu da Roza Lüksemburq eləmisən?
– Şanel yoxdu daha.
– Nə oldu?
– Onu son iqtisadi böhrana qurban verdik. Devalvasiya oldu Şanel.
– Allah rəhmət eləsin. Sənin qadın qəbiristanlığının bir sakini də artdı. Şeydi… O qəbiristanlığın var ha, orda qəbirləri yanaşı qazırsan, yoxsa tabutları üst-üstə yığırsan? Necə eləyirsən onu? Yerləri darısqal deyil ki?
– Yer azdı, Nərmin. Axır vaxtlar kremasiyaya keçmişəm, yandırıb küllərini basdırıram.
– Yazıqlara qəbirdə də rahatlıq yoxdu. Orda da qarışacaq külləri bir-birinə. Küllər gübrə olacaq, portağal ağacı bitəcək o küllərdən. Sən də o sevdiyin gürcü şərabı ilə yeyəcəksən o portağalı yeni və gözəl qurbanın gözlərinə baxa-baxa… Yaradıcılığında nə yenilik var? Yenə də qızları Sartrla ovlayırsan? Yoxsa təzə yem tapmısan? İnnovativ metodlardan istifadə edirsən, kurrikulum-zad var, yoxsa köhnə söhbətlərdir? Yox, deyəsən, yaxşısan, neandertal-zad. Bu söhbəti eşitməmişdim.
– Hə, təzə söhbətlərdir. Bu proses yenilik tələb edir. Sənə deyim, qızlar da bicləşiblər. Vaxt vardı Nüsrət Kəsəmənlinin bir şeiri ilə üç dovşan vururdum. İndi çətindir. Elm-zad da lazımdır.
– Sən də daim öz üzərində işləyən Don Juan kimi zamanın tələblərini yerinə yetirirsən.
– Bir şeir deyim. Yoxsa öldürücü zərbələrinlə axırıma çıxacaqsan…
– De, nə vaxtdır şeir demirsən…
– Bəzən də radioda dalğalandıqca səsin
Bilirəm ki, yaşamaq, yaratmaqdır həvəsin.
Sən bu yeni dünyaya baxıb ilham alırsan
Olub keçən hər şeyi öz sazında çalırsan.
– Ömər Xəyyam?
– Yox, Səməd Vurğun…
– Pis deyil… Amma ümid edirəm ki, bu şeiri qız ovunda istifadə etmirsən.
– Yox, bununla olmaz axı…
– Necə də əclaf-əclaf deyir e “olmaz”ı…
– Nərmin, bir şey soruşsam olar?
– Əvvəl mən bir şey soruşum, sonra sən.
– Soruş…
– Yüz illik müharibəyə niyə Yüzillik müharibə deyirlər? Axı o, 116 il olub.
– Məncə, sən bu sualın cavabını bilirsən.
– Belə də…
– Mən soruşum?
– Soruş…
– Məndən sonra çox əzab çəkdin? Sənə zəng vurmaq istədim. Vallah. Yüz dəfə istədim. Amma nə deyəcəkdim. Deməyə sözüm yox idi. Üzüm yox idi, sözü keç. İndi soruşuram, bilirəm, yaxşı sual deyil bu. Bəlkə də dünyanın ən mənasız, ən mərhəmətsiz sualıdır. Məni çox maraqlandırır bu. Bilmirəm,bəlkə də vicdanımı sakitləşdirmək üçün soruşuram. Bəlkə də deyəcəksən ki, yaxşı oldu ayrılmağımız, bizdə alınmırdı. Bilmirəm cavabını.
– Elçin, sənə bir şey deyim?
– De…
– Heç vaxt sonradan peşman olacağın şeyləri eləmə. Önəmli deyil, qarşındakının nə düşündüyü, nə etdiyi. Dilənçi uşağa yüz manat verərsən. O, sənə “sağ ol” da deyə bilər, susar da heyrətindən. Vallah, vacib deyil. Əsas odur ki, sən o yüz manatı verəndə rahatsan. Etdiyin o yaxşılığın rahatlığı, hüzuruyla kifayətlən. Lap o uşaq sənin üzünə tüpürsə belə sən içindəki o hüzuru axtar, onu tap, ona sığın.
– İndi deyirsən ki…
– Hə, düz tapdın. Sənin içində mənimlə bağlı hüzur yoxdur. Rahatlıq yoxdur. Özün yaxşı bilirsən ki, səhv etmisən. Əsl qatil qurbanını güllələyəndən sonra onun ağzına da güllə sıxandır. Çünki öldürmək istəyir və bilir ki, ağıza vurulan güllə beyni parçalayır. O adamın daha sağ qalmaq şansı yoxdur. Qatil olanda da eləsindən olmaq lazımdır. Sən isə… sən adama güllə atandan sonra qulağını sinəsinə qoyub yoxlayırsan ki, ölüb yoxsa sağdır? Sən Tolstoy olmaq istəyən Markiz de Sadsan, əzizim…
– Nə dəhşət dedin, Nərmin…
– Məndə arada olur belə şeylər…
– Yox, belə şeylər arada olmur. Belə şeylər ömürdə bir dəfə olur.
– O da sənin payına düşdü…
Nərmin qəflətən çox darıxdığını hiss etdi. İçini nə qədər silkələsə də, danışmağa söz tapa bilmədi. Sözlər donmuşdu. Telefona “odboy” vermək istəyəndə gördü ki, danışıq qurtarıb. Ekranda Elçinin şəklinin yerində gül dəstəsi vardı. Yatağa girib yorğanın altında büzüşdü.
Səhəri Elçindən mesaj gəldi: “Gecə sağollaşa bilmədim. Şanel qayıtdı. Bağışla…”.
22-23 yanvar 2016
Həyatı köçürtməyin cansıxıcı detalları
İyirmi dörd saat işləyən köşkdən bir şüşə soyuq su alıb xırda qəpikləri cibinə soxdu. Bir qurtum içib yoluna davam elədi. Bu küçədə qarşısına daim eyni adamlar çıxırdı və bu adamlar ona fikir vermirdilər.
Qapıları min ildir qapalı olan kilsənin qarşısından keçib sola döndü. Son müştərilərinə göz qoyan ofisiantlara baxdı. Nəfəsini dərmək üçün dayananda cibindən kağız çıxartdı, baxmadan gecəyə bir söz pıçıldadı: “Nuray”. Kağızda bir cümlə yazılmışdı: “Həftənin cüt günləri…”. Mənzilə çatmamış son döngədə dayandı, şüşədəki suyu əlinə töküb üzünə çırpdı. Sürətlə döyünən ürəyinin sakitləşməsini gözlədi.
Üstündə işıqlı reklamlar sayrışan binaya girdi, Nurayı görmədi. Onu heç kimdən soruşmadı; belə şərtləşmişdilər. Divana çöküb “Red Bull” istədi, kök qadın gətirdi. “Red Bull”dan stəkana süzdü, içinə buz atdı. Qadın “Jack Daniels”i götürəndə əliylə “Yox” işarəsi verdi. Stolun üstünə beş manatlıq tulladı.
Yanında bir qız oturdu. “Nuray niyə yoxdur?”, – deyə soruşdu qızdan. Qız “Nurayı tanımıram”,– dedi. Əlini cibinə atdı, 20 manat çıxartdı. “Nurayı tap, bunu sənə verim”, – dedi. Qız ayağa qalxıb kök qadının yanına getdi. Kök qadın başını “yox” mənasında yellədə-yellədə danışırdı. Qız məyus qayıtdı. Ondan heç nə soruşmadı. Hər şey aydın idi. Qıza viski sifariş verib yaxın oturdu, qız onu qucaqladı. Nurayı düşünməyə başladı. Beləcə yuxuya getdi. Yuxuda mahnı eşidirdi: “Yatcaz, kalkcaz, hop ordayım”. Ayılanda sakitlik idi. Tək idi, üstünə adyal örtmüşdülər. Geniş salonda heç kim yox idi, bircə kök qadının oturduğu stolda başqa qadın oturmuşdu. Qadın ona yaxınlaşanda pivə istədi. Saat 8-in yarısı idi. Pivədən turş qoxu gəlirdi. “Efes Draft” istədi, o da turş idi. Qadın gözə dəymirdi. Stolun üstünə beş manat qoyub çıxdı. Parkda idman edənlərin nifrət dolu baxışları altında siqaret çəkməyə başladı. Yuxu onu siqaret çəkdiyi yerdə haqladı.
Qocanın səsinə ayıldı. “Bəlkə deyirəm siz… O film… İndiki cavanlar hər şeyi bilirlər… Bəlkə o film yadınızda ola. Bir qız olur. Evə gəlir. Blokda yubkasını qaldırıb ayaqlarına dezodorant vurur. Sonra da evə girir. Evdə bir oğlanla yatağın üstündə atılıb düşürlər. Guya ki… Başa düşdün də. Sonra qonşu qapını döyür. Bəlkə baxmısan o filmə”.
Sərxoş adamlara məxsus aşırı diqqətlə qocanı dinlədi, dediklərindən məna çıxartmağa çalışdı, lakin anlamadı. “Siz nə soruşurdunuz? Başa düşmədim”. Qoca eyni sözləri təkrar edəndə başa düşdü ki, düz eşidib. “Hə, siz o filmi deyirsiniz”. Qoca açıqca sevindi: “Hə, adını bilirsinizsə, deyin. O filmi axtarıram. Qız blokda ayaqlarına dezodorant vurur. Sonra da…”. “Sizə o filmin necə bitdiyi lazımdır? Yoxsa nə?”. Qoca duruxdu: “Yox, mənə o filmin adı lazımdır”. “Neynirsiz o filmi?”. Qoca “İstəyirəm o filmə təzədən baxım, o filmin adı lazımdır mənə.” Telefonunu çıxartdı, amma inanmırdı bu qırıq-qırıq məlumatlarla filmin adını tapa bilə. Telefonun batareyası bitmişdi. Amma qocanı ümidsiz qoymaq istəmədi: “Telefon nömrənizi verin, kinodan yaxşı başı çıxan dostlarımdan soruşub sizə deyərəm”. Kişi cibindən qələm-kağız çıxartdı, nömrəsini yazıb ona verdi, sonrada təşəkkür edib uzaqlaşdı.
Taksi blokun qarşısında saxlayanda pilləkənləri çıxmağa həvəsi qalmadı. Siqaret heç bir ləzzət vermirdi, bədən bir neçə günlük nikotin tələbatını almışdı, amma yenə də ritualı pozmamaq naminə birini yandırdı. Orta yaşlı kişi yaxınlaşdı, məhəllənin avaralarından idi, gecəyarı da, səhər obaşdan da, nə vaxt baxsan həyətdə olurdu.
– Salam, qaqaş.
– Salam.
– Mənim quşumu görməmisən?
– Quş?
– Xallı quş, görməmisən?
– Görməmişəm.
Quşbaz başını yelləyib uzaqlaşdı. O da pilləkənləri çıxıb liftin düyməsini basdı, liftdən düşən iki oğlan “Bağışlayın, həyatı köçürdürük deyə lifti məşğul elədik” dedilər. Evə girib dəhlizdən qonaq otağına göz atdı, bir həftə bundan qabaqkı otaq idi, boş pivə butulkaları, başından bir az yeyilmiş çips qutusu, külqabıya çevrilmiş boşqablar. Bütün paltarlarını soyunub özünü yatağa saldı. Yerə tökülən qəpiklərə fikir vermədi.
Oyananda alatoran idi. Hamama girib duş aldı, mətbəxdən bir pivə götürdü. Yatağına uzandı. Telefonu yüklənməyəqoydu. Pivə içə-içə telefonu açdı. Qeydlər bölməsinə baxdı. Sonra da təqvimə. Bu gün tək gün idi. Operatorun yaddaşında qalan ismarıclar telefonuna tökülürdü, endirimlər, lotereyalar, kompaniyalar, ardınca cavabsız zənglər…
Kök qadın onu görən kimi gülümsəyib salam verdi. Divanda oturan qızlar isə sözlərini kəsib olduğundan daha gözəl görünməyə çalışdılar. Qızları bir-bir süzdü. Gedib uzaqdakı stolda oturdu. Kaş üzünü, ya da heç olmasa, gözlərini xatırlayaydı. Cibindən qələm çıxardıb salfet kağızda fotorobotlar çəkməyə başladı. Son çəkdiyi Hitlerə oxşadı, yanına svastika da çəkib salfeti külqabına atdı. Saçlarını sarıya boyamış arıq qızı çağırdı. Arxa otağa keçdilər. Hamama girdi, nəmli duş kabinin şüşəsinə “Nuray” yazdı. Qız yataqda onu gözləyirdi, o da qızın yanına uzandı. Sonra zəngi basıb bir şüşə viski istədi. Stəkanı doldurub başına çəkdi, ürəyi bulandı, özünü güclə saxladı. Yenə hamama girdi, su damcıları “Nuray”a hücuma keçmişdi, “N” hərfinin başı pozulmuşdu.
Viski şüşəsini götürüb yerinə qayıtdı, salfetləri qaldırıb fotorobotlara baxdı, yenə heç biri tanış gəlmədi. Qələmi götürdü, lakin əlləri sözünə baxmadı. Pivə istədi, bir qurtuma pivəni yarıladı, üstünü viskiylə doldurub qızın yanına qayıtdı. Qız yataqda hələ də çılpaq uzanmışdı. Kətildə oturub onu seyr elədi. Siqaret yandırıb parçı başına çəkdi. Cibindən kağıza bükülmüş marixuananı çıxartdı, siqaretlə yandırıb siqareti parça atdı. Uzaqlardan qulağına səs gəldi: “Çək nəşəni tüstüsü dağlara yayılsın”. Həyat kino lenti kimi gözlərinin önündən keçmədi, amma montajsız kadrlar gəldi qarşısına. Budur, doqquz yaşında, Kürün sahilindədir, lilləri ağac budağı ilə qarışdırır. Ya da on dörd yaşında məktəb yeməkxanasında SSRİ tarixi oxuyur. 11 yaşında bir qızla əl-ələ tutub dərsdən gəlir. Avtomatlı OMON-çular mindiyi avtobusun qarşısını kəsir. Uşaq vaxtı gördüyü yuxudu bu, göydə uçurdu. Dörd yaşlı mavi gözlü qızı xatırlayır. Bir qız onun qarşısına pivə qoyub otaqdan çıxır. Qızın çiyninə tökülmüş saçlarına baxır. Altı yaşında olanda qonşunun maşınının şüşəsini sındırması yadına düşür. Universitetin uzaq küncündəki hovuzun kənarında dayanıb göz yaşı tökdüyünü film kimi xatırlayır. Araq şüşəsi görünür: “Russkiy standart”. Qabağına qoyulan südlü sosislərə baxır. Uşaq vaxtı gördüyü zooparkı görür –ağ ayılar, qırmızı canavarlar, yorğun fil… Arıq polis, yanında dostu… O, parkda uzanıb. Yox, bu, daha xəyal deyil… Dostunun üzündə şən görünməyə çalışan pərt adamın ifadəsi vardı. Əlindəki butulkadan onun üzünə su çilədi, sonra polisin köməyi ilə onu maşına apardılar. Dostu elə hey danışırdı, arada qulağına nəsə çatırdı, lakin bu qırıq-qırıq sözlərdən söhbətin məzmununu anlamaq mümkün deyildi. Susuz idi, ac idi, bir cümlə qurub aclığını, susuzluğunu dostuna çatdırmaq istədi, lakin azğından “Görəsən, parkdakı ördəklər qışda harda qalır?” cümləsi çıxdı. Sonra bir müddət susdu, maşın işıqforda dayananda üzünü dostuna tutub dedi: “Acam!”. Dostu işıqfordan sola burulub kafenin qarşısında saxladı, içəri keçdilər. O, vitrindəki ayran bankasını başına çəkib hamısını içdi, salfetlə ağzını sildi. Qadın ofisiant içində kartof və toyuq qızartması olan iri tavanı onların qarşısına qoyan kimi toyuğun döşünü dişinə çəkərək yeməyə başladı. Yedikcə özünə gəlirdi, lakin doymurdu. Bir azdan çörək batırdığı tavanı ortalıqdan götürdülər. Qız süfrəyə kolbasa, pendir, dovğa, çoban salatı qoydu. Yedikcə üzündə tox insanlara xas məmnun ifadə yaranırdı. Qulağı səsləri ayırd edə bilirdi, nitqi qaydaya düşürdü, dostunun danışdıqlarını da anlayırdı. Süfrənin üstündə yeməyə bir şey qalmadığını görüb ofisiantı çağırdı. Ofisiant süfrəni yığışdıranda ilk dəfə onun üzünə baxıb gülümsədi. Sonra telefonunu alnına qoyub yan tərəfdəki divanda yatan gənc oğlanı gördü, telefondan kədərli mahnılar axırdı. Dostu ofisiantın gətirdiyi çayı stəkanlara süzüb ciddi söhbətə başlayan adamlara xas qətiyyətlə soruşdu:
– Sənə nə olub? Polis sənin telefonundan zəng elədi, dedi ki, bəs, gəl, halı pisdir. Deyirəm, nolub, deyir, məndən soruşur ki, xallı göyərçini görməmisən? Dalınca hansısa film haqda soruşmusan. Cibindən 50 manat çıxartmısan ki, ratsiyanı ver, bütün polislərə ismarıcım var. Polis ratsiyanı söndürüb verib sənə. Sən də ordan anons eləyib demisən ki, mənə Nurayı tapın! Hardasa əlli dəfə demisən bunu! Axırda da özündən getmisən.
– Bu haqda danışmayaq bəlkə?
– Bəs nə haqda danışaq? Gecə saat 5-də bu kafedə niyə görüşmüşük səncə?
– İncitmə də məni… Qoy çayımı içim…
– Yaxşı. Bircə bunu bil ki, mən sənin Tarkovski kimi rejissor olmağını gözləyirəm! Qarşında böyük üfüqlər var.
– Cəhənnəm olsun Tarkovski! Mən heç kim olmaq istəyirəm!
Başını aşağı saldı.Telefondakı mahnıların qəm-qüssəsi bir az da artmışdı elə bil. Aşiq özünə lənət oxuyur, məşuqun ürəyinə ox sancılmasını tələb edirdi. Oğlanın bu mahnının sədaları altında hansı yuxunu gördüyünü təsəvvür etməyə başladı. Qədim dövrdür, qəbilə toplanıb, sevgilisinə xəyanət edən qızı cəzalandırırlar, qızın sevgilisi qəbilə başçısının oğludur. Ağsaqqallar qərar verir ki, oğlan cəzanı özü seçməlidir. Oğlan sadağından bir ox çıxardıb zəhərə batırır, cəllada verir ki, qızın ürəyinə sancsın. Yuxunun bundan sonrasını təsəvvür eləməyə vaxt qalmadı. Çünki yatan oğlan elə diksinib qalxdı ki, telefon vitrinin qarşısına düşdü. Telefonu götürə-götürə üzünü mətbəxə tutub “Nuray, Nuray” səsləndi. Sonra mətbəxə gedib ordan iri bir səbət götürdü, qapını bağlayıb çıxdı.
Onlar da hesabı ödəyib durdular. On beş dəqiqədən sonra yaşadığı binanın qarşısındaydı. Dostunu yola salıb siqaret yandırdı, pırıltı səsi eşidib alışqanın işığını səs gələn tərəfə döndərdi. Xallı göyərçin idi.
Yola çıxıb taksi çağırdı və kafeyə qayıtdı.
Nuray bayaq onun oturduğu stolda oturmuşdu, televizora baxırdı. Onu görən kimi gülümsədi. “Qəhvə?”, – deyə soruşdu. Təsdiq işarəsini görüb mətbəxə keçdi. “Səninçün qəhvə almışdım, nə qədər gözlədim, gəlmədin”,– dedi. Südü götürdü, qəhvə düzəldib onun qarşısına qoydu.
– Səni çox axtardım, Nuray, tapa bilmədim, o gün bərk sərxoş idim, səni harda gördüyümü unutmuşdum, özgə qapılarda axtardım səni.
– Harda axtarırdın məni?
– Soruşma, mən də deməyim.
– Bəs necə oldu tapdın?
–Təsadüfən. Səni tapmaq, itirmək və yenidən tapmaq, hamısı təsadüfdür.
–Bayaq çox qorxdum. Elə bildim kafeyə girəndə məni tanımadın.
–Yox, yox, tanıdım, sadəcə, istəmədim…
–Nəyi istəmədin?
–Biz sirr pərdəsiyik, hər zaman da belə qalacağıq.
Qəhvə soyumağa başlayırdı, qəhvədən udumladı, stəkanı Nuraya verdi, o da içdi qəhvədən. Nurayın saçlarını sığalladı, əllərindən tutdu. Nuray elə gözəl gülümsəyirdi ki… Onu bu təbəssümə bağışlamaq olardı. “Başlayaqmı?”, – deyə soruşdu. Nuray tərəddüdlə ona baxdı, sanki son gücünü toplayıb “Başlayaq”, – dedi. Əl-ələ tutub kafedən çıxdılar, yolu keçib, hündürmərtəbəli binalardan birinin həyətinə girdilər. Liftə minib ən böyük rəqəm yazılmış düyməni basdılar.
Pəncərəni açıb qarşısında dayandılar. Nurayın dodaqlarından öpəndə qız ona qısılıb hönkürdü. Birinci özü pəncərəyə dırmaşdı, ardınca Nuray.
Ölümə bir neçə saniyə qalırdı…
23 avqust-3 sentyabr 2015
Sevda sorağında
Heç zaman
unuda bilmədiyim
E.S.K.-ə
Biz siyasətin “S” hərfindən də qorxurduq.
Cəlil Məmmədquluzadə, “Xatiratım”
Bizim kiçik qəsəbəmizdə belə şeylər hər gün olmur. Xarici turistlər bura lap az gəlir. (Bilsəm yerlilərim bu hekayəni oxumayacaq, cəsarətlə deyərdim ki, heç yerli turistlər də gəlmir). İki xarici turistin gəlib burda tapışması qəsəbə üçün, az qala, əlamətdar hadisədir. Təkcə mən və barmenlər deyil, kafenin daimi müştəriləri də bu cütlüyün tamaşasına dururlar.
Tamaşa hər gün eyni ssenari ilə təkrarlanır. Oğlan bara girib barmendən tekila istəyir. İki tekilanın arasında karikatura jurnalını vərəqləyir. Qız bir qədər sonra gəlir. Bu mənzərədən onların tətilə bir yerdə gəlmədiyini anlamaq üçün gənc barmen qədər sadəlövh olmamaq kifayətdir. Barmenlər hələ öz aralarında mərcə də giriblər. Gənc deyir ki, onlar sevişirlər, qoca isə bunun əksini zənn edir. Bir şüşə rakıdan mərc gəliblər, amma heç biri öz fikrini sübut edə bilməyib. Doğrusu, yaşlı barmen xoşluq üçün mərc eləyib, yoxsa dəlillərin olmayacağını əvvəldən bilir. Lakin gəncə bunu başa salmaq olar?! Hamını güldürən karikaturalara baxıb heç nə anlamayan adamlardandır o.
Hə, oğlan gəldi yenə. Bu gün əlindəki, deyəsən, karikatura jurnalı deyil. Gəlib barın yanında oturur. Yaşlı barmenlə görüşür, tekilası süzülür. Yanında da dəm-dəsgahı – limon, duz. Tekilanı içir, gülümsəyir barmenə. İkinci tekila utancaq təbəssümlə kodlanıb. Barmen qədəhi doldurur. Oğlan əlindəki jurnalı açır. İndi görürəm, “Kafkaesk” jurnalıdır. Bir səhifəni açıb barmenə göstərir. Barmen gülür, gənci çağırır, oğlanın göstərdiyini ona izah edir. Sonra oğlan özü də izaha qoşulur. Axır ki, gənc barmen anlayır. Üçlükdə gülürlər. Gənc jurnal səhifəsinin şəklini telefonla çəkir. Lazım olar. Jurnal oxumaq lüksdür. Qızların belə şeylərdən xoşları gəlir. Gözümdən yayınıbmış qızın gəlməyi. Oğlanın gözlərini arxadan tutur. Nə dediyini eşitmirəm, amma əlbəttə ki, nə deyəcəyi bəllidir. Kim başqasının gözünü bağlayıb Keniyanın paytaxtını soruşar ki?! Oğlan onun qollarından yapışıb özünü zülmətdən xilas edərək qızı qucaqlayır. Qız elə sevinir ki… Elə bil həyatın mənası haqqında suala Buddadan cavab alıb. Yeri gəlmişkən, Keniyanın da paytaxtı Nayrobidir. Birdən bilməyəniniz olar. Oğlan qədəhini qızın şərəfinə qaldırır. Qız gülümsəyir. Bu diqqət onu məftun edir. Oğlan içib qədəhi arxası üstə qoyur. Yəni görürsən bircə qram da saxlamadım. Deyəsən, artıq sərxoş olub. Otuz ildir bar işlədirəm, amma bu hərəkəti eləyən bircə ayıq adam görməmişəm.
Onlar barın gözdən uzaq, ən sakit tərəfinə keçməkdə olsunlar, mən də gəlim barmenlərin yanına şərab içim. Ofisiant sözlü adama oxşayır.
– Abi, qız amerikalı imiş.
– Hə, bilirəm. Nə olsun?
– Yox, e. Amma ingiliscə də bilir.
Özümü gülməkdən güclə saxlayıram:
– Nə olub ki? Amerikalılara ingilis dilində danışmaq olmaz ki?
– Olar e, abi. Amma özün demirdin ki, fransızlar ingiliscə danışmağı sevmirlər.
– Aha…
– Almanları da deyirdin.
– Deyirdim.
– Bəs bu qız niyə ingiliscə danışır?
– Amerikan dilində danışsın?
– Hə, də… Amerika bu boyda dövlətdir, niyə öz dilini yaymır dünyaya. Bir dəfə də bir amerikalı gəlmişdi bura, o da ingiliscə danışırdı.
– De, sən öl?!
– Özüm ölüm!
– Amerikanın dili nədir bəs?
– Amerikan dili.
– Halaldır sənə.
– Bir şey deyil, abi.
– Ay zalım…
– Hə…
– Sən informasiya əsrinə üsyan kimi doğulmusan. Əsrə inadla da yaşayırsan. Bilirsən bunu?
– Anlamadım.
– Amerikanın da dili ingilis dilidir də.
– Yaxşı da, abi, zarafat eləmə.
– Ciddi deyirəm.
– Bəs niyə Amerikan dili deyirlər?
– Kim deyir ki səndən başqa?
– Muhyiddin abi də elə deyir.
– Hə, o deyər. Bir az fərqli ləhcədir, amma eyni dildir.
– Bunu deyin də. Kimdən soruşuram, zarafata salır.
– Bu dünyada elə şeylər var ki, onlar deyilməz, onlar eləcə bilinər.
– Necə yəni?
– Birini də süz.
Barmen şərab şüşəsini götürüb yaltaqcasına mənə baxdı. Adətən, icazə, ya da avans almaq istəyəndə belə edir.
– Olarmı, axşam işdən bir az tez çıxım?
– Nə işin var ki?
– Festivala getmək istəyirəm.
– Yaxşı, get.
– Çox sağ olun.
Şərab içə-içə sözümü də deyim. Bizim gənc barmen qızın amerikalı olduğunu da yanlış bilir. Qız ingilisdir. Adı da Kristina Çenninqdir. Keçən dəfə, hələ oğlan buralara gəlib çıxmamışdı, axşam polis barda sənədləri yoxlayanda özüm qıza tərcüməçilik eləmişəm. Orda gördüm pasportunu. İngilis qızın bu qəsəbəyə gəlişinə polis o qədər təəccüblənmişdi ki, pasportu qaytaranda “Hello” dedi. Elə vəziyyətdir ki, soruşa da bilmirsən: “Bağışlayın, üzr istəyirəm, bizim darıxmaqdan məhv olmaq üzrə olan qəsəbəmizdə sizin nə itiniz azıb?”. Bu sualı verməkdən məni saxlayan “Burda nə itiniz azıb?” frazemini ingiliscəyə çevirməyin çətinliyi deyil. Ondan daha çətin bir maneə var qarşımda.
Yeri gəlmişkən, bizim qəsəbənin polisi festivala görə özünü daha lazımlı hesab edir. Vaxtaşırı gəlib pasportları yoxlayır. Pasportunu yoxladığı adamların yeddi arxa dönənini tanısa da, sənədə baxa-baxa qəribə suallar da verir. Muhyiddin abinin pasportunu yoxlayanda gülməkdən ölmüşdük. Bu qəsəbənin ən məşhur adamıdır baqqal Muhyiddin abi. Polis isə onu axtarışda olan oğruya oxşatmışdı. Bizim qəsəbədə keçən il bilyard salonundan oğurlanan daşları saymasaq, heç vaxt oğurluq olmayıb. O ki qaldı Muhyiddin abi… Oğurluq İstanbulda baş verib. Polisi rakıya qonaq edib niyə belə davrandığını soruşuram: “Gücləndirilmiş iş rejiminə keçmişik. Mən də nəsə eləməliyəm də…”.
Bura qədər oxuduqlarınızı balaca, 12 kvadratmetrlik kabinetimdə yazıram. Haqq-hesab eləmək lazım olanda gəlirəm bura. Stolumun üstündə onun şəkli var. Məndə olan yeganə şəkli budur: oraq-çəkicli bayrağın önündə əlindəki tapançanı çənəsinin altından sola tuşlamış Alov Saçlı Qadın. Əlifim. Sultanım. Sevgilim. Cavan ölən adamlar şəkillərdə heç zaman qocalmır. O həmişə bu şəkildəki kimi gənc qalacaq. Onun daim gənc qalacağı fikri ilə ovunmaq necə də sarsaq təsəllidir.
Axşamlar çox içəndə, evə getməyə həvəs olmayanda elə kabinetimdə yatıram. Müşahidə kameraları da burda – divara bərkidilmiş televizorda qurulub. Yəni burda oturanda da barı görə bilirəm. Bir də qızla oğlan bara gələndə bura keçirəm. Çünki burda onların danışıqları lap aydın eşidilir. Bilirəm, kimisə pusmaq yüksək cəmiyyətlərdə (elə aşağılarda da) yaxşı qəbul olunmur. Lakin mən onların söhbətinə qulaq asmasaydım, bu hekayə də olmayacaqdı. Bir də ki elə bizim oxuduğumuz kitablar da, bir növ, qapı pusmaq deyilmi? Biz kitab oxuduqca qəhrəmanların ən mübhəm sirlərini öyrənmirikmi? Ona görə də burda ayıb bir şey görmürəm. Amma səmimiyyət xatirinə onu da deyim ki, on ildir bu barı işlətsəm də, ilk dəfədir kimlərinsə söhbətini dinləyirəm. Üstəlik, danışdıqlarını özüm üçün bloknota qeyd də eləyirəm. Eləcə, özüm üçün. Yadigar saxlamaq üçün. Sizə göstərmək üçün. İndi sizə bu danışıqlardan ən maraqlılarını seçib göstərəcəyəm.
***
– Kristina, niyə bura gəldin? Bura elə bir yerdir ki. Dənizi belə yoxdur.
– Bilmirəm. Təsadüf deyim. Ağır günlər keçirirdim. Mən o günlərdə əzabın nə demək olduğunu anladım. Gecələr gözümə yuxu getmirdi. İçki belə içə bilmirdim. Deyirlər ki, içki insana kədərini unutdurur. Bəlkə kədəri unutdurar, amma əzabı əsla. Qorxurdum ki, sərxoş olub özümü eyvandan ataram, ya da nə bilim, dərman-zad içərəm. Bir dəfə oxumuşdum ki, intihar edənlər əzablarına, heç olmasa, bircə dəqiqəlik son qoymaq üçün bunu edirlər. Təsəvvür edirsən?! Bircə anlıq rahatlıq üçün ölüm… Evdəki bütün bıçaqları, ülgücləri, arıqlamaq üçün suya qatıb içdiyim sirkələri zibilliyə tullamışdım. Telefonumu vannaya atmışdım. Bir gün dedim ki, belə olmaz. Həyatımı dəyişməliyəm. Nə vaxtadək əzab çəkəcəm?! Mən xoşbəxt olmaq istəyirdim. Xoşbəxtdə yox, olanları unutmaq, bircə dəfə də ürəkdən gülmək istəyirdim. Kiçik kağızlar götürdüm. Hərəsinə bir rəqəm yazdım. Sonra kağızları qələm qabına atdım. Bir-bir çıxartdım. Haranın coğrafi koordinatı çıxsaydı, ora gedəcəkdim. Mən orda xoşbəxtliyimi tapacaqdım, əzizim. 39.24 və 38.7 çıxdı. Yəni bura, Sivas Devrim.
– Divriği…
– Dilimə də yatmır. Dedim bura gəlim. Yaxşı ki, Suriya çıxmayıb. Bombaların altında bircə dəfə ürəkdən gülmək istəyi…
– Suriya burdan cəmi bir neçə yüz kilometr aralıdadır. Gedəcəkdin Suriya çıxsaydı?
– Əlbəttə. Ölmək yaşamamağın yeganə yolu deyil.
– Bu mahnıdandır?
– Hə…Bəs sən necə gəldin?
– Filmdə görmüşdüm bu qəsəbəni.
– Xoşuna gəlmişdi?
– İnsanları bura sürgünə göndərirdilər.
– Bəs niyə?
– Mənim vəziyyətimdə ən darıxdırıcı yer də məndən şəndir. Ona görə çox düşünmədim.
***
– Sənan…
– Hə, Kristina…
– Olarmı, sənə Sebastyan deyim.
– Olar. Amma niyə?
– Sebastyan da Sənan kimi S ilə başlayıb N ilə bitir.
– Sevan de ondansa.
– Sevan?
– Zarafat edirəm. Amma S ilə başladığına görə demirsən yəqin ki.
– Əlbəttə. Amma belə daha rahatdır. Dilimə yatır. Həm də dediyim kimi, adına oxşayır bu.
– De. Amma bir şərtlə…
– Şərtin nədir?
– Sebastyan adında tanışın varmı?
– Yoxdur.
– Yoxdursa, problem deyil. Deyə bilərsən.
– Niyə soruşdun ki?
– Kimisə xatırlatmaq istəmirəm.
– Ah, siz kişilər… Həmişə birinci və unudulmaz olmaq istəyirsiniz.
– Məncə, bu kişilik yox, insanlıq vəziyyətidir.
– Haqlısan, bəlkə də. Bir şey də soruşum.
– Soruş.
– Türk dilini hardan belə yaxşı bilirsən?
– Bizim dilimiz çox yaxındır.
– Necə yəni? Bizimlə Amerika kimi?
– Təqribən. Kaş sən də bizim dili biləydin.
– Təəssüf edirəm buna.
– Hə. Kaş biləydin. Mən öz dilimdə danışardım, sən də ingilis. İnsan özünü ən yaxşı ana dilində ifadə edir. İnsan ana dilində ağlayır.
– Hə, bilirəm, Sebastyan. Bir kitab oxumuşdum. Orda oğlan alman idi, qız portuqal. Qız ölüm ayağında portuqal dilində danışmağa başlayır. Oğlan da alman dilinə keçir fərqində olmadan. Və bir-birini anlayırlar. Gözəl deyilmi?
– Gözəldir, Kristina. Dünya gözəldir…
– Amma Sebastyan. İnsan ən pis sözləri də ana dilində eşidir. Elə pis sözlər ki, heç bir üzr o sözləri yuyub apara bilmir. Heç bir təsəlli o sözlərin ürəyə vurduğu yaranı sağaltmır. Bizdə bir məsəl var, Sebastyan. Qılınc yarası sağalar, söz yarası sağalmaz.
– Kristina, elə sözlər var ki, gərək heç zaman deyilməyə…
– Deyilməyə…
***
– Sebastyan…
– Hə, Kristina…
– Etdiyin ən böyük günahı danışarsanmı mənə?
– Biz şərqliyik, Kristina.
– Nə olsun? Şərqlilər günah etmir?
– Edirlər, əlbəttə ki. Amma danışmırlar.
– Necə yəni?
– Bizdə sizdəki kimi – günahı keşişə etiraf etməyə bənzərbir şey yoxdur.
– Doğrudanmı? Yəni siz imama, mollaya – hər kiməsə günahınızı danışıb tövbə etmirsiniz?
– Etmirik.
– Bəs tövbə sizdə necə olur?
– Dua edirsən Tanrıya, əfv diləyirsən.
– Hə…
– Bizdə günah səninlə Tanrı arasındadır. Bilmirəm, bu yaxşıdır, ya da pis. Sizdə isə…
– Məncə, biz Tanrıya etiraf edə bilmədiyimiz günahı keşişə etiraf edirik.
– Amma ən böyük günahımı danışaram sənə. Kristina. Sənin adın dodaqlarımda bir dua kimi səslənir.
– Danış, Sebastyan, danış. Dayanma.
– Bir dəfə məni işdən ezamiyyətə yollamışdılar. Getdiyim yer balaca bir şəhər idi. Gecə oteldə ürəyim qadın istədi. Nə qədər eləsəm də, ötüşdürə bilmədim. Nömrə tapdım. Zəng vurdum. Evinə çağırdı…
– Bu, günah deyil ki, Sebastyan…
– Sonrasına qulaq as… Getdim evə. Bir qadın vardı, mətbəxdə xəmir yoğururdu. Onu ayaqqabımı çıxardanda gördüm. Otağa keçdik, sevişməyə başladıq. Sonra dedim ki, o qadını da çağır, bizə baxsın, əlavə pul verərəm. Qız razı olmadı. Ordan çıxandan sonra özümü dünyanın ən əclaf adamı hesab edirdim. Halbuki, mən fahişənin evinə gedəndə şokalad aparacaq qədər nəzakətli idim.
– Bu, günah deyil, fantaziyadır, Sebastyan. Çoxları belə edir.
– Bəlkə də, Kristina. Bəlkə də…
***
“Onları dinlədikcə yadıma keçən günlər düşür” deyərdim, amma o keçən günlər, əslində, elə hər bir anı ilə mənim yadımdadır. Sanki yaddaşımın əqrəbi sınaraq o günlərin üzərində dayanıb və mənim bu sınıq yaddaşım gündə iki dəfə Alov Saçlı Qadını, o günləri mənə xatırladır.
Hərbi çevriliş xəbərini Yunanıstanda aldım. Bir neçə gündən sonra adımı axtarışda olanların siyahısında gördüm. Bura saxta sənədlə gəlmişdim. Polisin məni tapmayacağına əmin idim. Yunan polisi türk həmkarları ilə çox həvəssiz əməkdaşlıq edir. Tezliklə müxtəlif yollarla ölkədən qaçmağı bacaran bir neçə nəfər də Afinaya gəldi. Hərbi çevriliş elə qəfildən olmuşdu ki, heç cür özümüzə gələ, baş verənləri anlaya bilmirdik. Elə bil hamısı bir yuxu idi. Bir gün yuxudan oyanıb Ankara küçələrində yenidən inqilabi vərəqələr paylayacaq, mitinqlər keçirəcək, fəhlələri, tələbələri təşkilatlandıracaqdıq.
Tez-tez Egey dənizinin sahilinə gedib vətənimə baxa-baxa içirdim. Həsrət seanslarından təsəlli tapmaq əvəzinə daha çox ağrıyırdım. İçkinin hər qurtumunda, dənizin hər ləpəsində indi həbsxanada olan və heç şübhəsiz ki, ən ağır işgəncələrə məruz qalan Alov Saçlı Qadınımı düşünürdüm. Bizim təşkilatda sevgi məsələləri, az qala, tabu idi. İnqilabçılar üçün sevgi və məhəbbət burjua sentimenti sayılırdı. (Kristina və Sebastyanın belə dərdi yoxdur, bunu danışsam, bəlkə də anlamazlar. Elə bilərlər hansısa ucuz romandangötürdüyüm uydurma əhvalatdır). Biz qızlara yox, xalqa aşiq olmalıydıq, bizim dostlarımız yox, yoldaşlarımız, sevgililərimiz yox, bacılarımız vardı. Dünyanın bütün sevgilərini inqilabın marten sobalarında əridib kapitalizmə qalxan düzəltmişdik. Biz insan sevgisinə deyil, xalqların dostluğuna inanırdıq. O isə bunlarla razılaşmırdı. Neçə dəfə mənə yalvarmışdı ki, gəl, təşkilatdan ayrılaq, evlənək, çıxaq gedək uzaqlara. Amma böyük inqilabi missiya qarşısında ailə-uşaq yiyəsi olmaq mənə kiçik burjua fərdiyyətçiliyi qədər bayağı gəlirdi.
Qarşı sahilə baxmaqdan bezib dostlarıma da demədən güc-bəla ilə kirayələməyə razı saldığım balıqçı qayığı ilə üz tutdum Türkiyəyə. Türkiyə sularına girməmiş uzaqdan hərbi katerləri görəndə arxaya qayıtmaqdan başqa əlacım yox idi. Sabahısı gün sevgilimin polislə atışmada öldürüldüyü xəbəri gəldi. Adətən, həbsdə işgəncə ilə öldürülənlər barədə rəsmi məlumatlar bu cür verilirdi. Axı o, sonumuzun belə olacağını demişdi, deyirdi, bilirdi. Onun ölümündən sonra mən təşkilata da ikrahla yanaşmağa başladım. İllər sonra Türkiyəyə qayıdanadək də nə bir qadına “səni sevirəm” dedim, nə də qəzet oxudum. Hər şey mənasını itirmişdi.
Kristina və Sebastyanla rastlaşmasaydım, dünyada sevgi adlı nəyinsəvarlığına bəlkə də yenidən inanmayacaqdım. Budur, saatlarla oturub ürəklərini bir-birlərinə açırlar, könüllərinin kir-pasını təmizləyirlər. Bəlkə biz də belə ola bilərdik. Lakin bizim iki sözümüzün biri “faşizm” idisə, o biri də heç şübhəsiz ki, “kapitalizm” idi. Bir saatdır gediblər, amma Kristinanın sevgi dolu səsi hələ də qulağımdadır. Bara gedim, bizim gəncdən soruşum görüm, niyə avstriyalılar öz dillərini qoyub almanca danışırlar. Lakin bunu aydınlaşdırmaq mümkün olmadı, gənc artıq getmişdi. Festivalın başladığını təkcə onun getməyindən deyil, adamların seyrəkliyindən də anlamaq olardı. İstədim şəhərə çıxıb hava alım, küçələrin sıxlıq olacağını düşünüb vaz keçdim. Rom içib sərxoş olmaq, səhərdən bəri ürəyimə çökən narahatlığı unutmaq istəyirdim. Tək qalan yaşlı barmen bekarlıqdan “Hürriyyət” qəzetinin idman səhifəsini oxuyurdu. Məni görüb təklikdən darıxan adam təbəssümü ilə soruşdu:
– Nə içirsiz?
– Rom ver mənə. Bol elə.
– Kola ilə qarışdırım?
– Hə. Buz da at.
Barmen cəld içkini hazırlayıb qarşıma qoydu. Qəfildən ona yaraşmayan açıq-saçıqlıqla soruşdu:
– Sizcə, onlar yatırlar?
“Onlar” deyəndə kimi nəzərdə tutduğu mənə aydın idi. Amma mən həqiqəti ona deyib-deməməkdə tərəddüd etdiyimdən vaxt qazanmaq üçün sual verməli oldum:
– Onlar kimdir?
– Onlar da. Bizim ingilis qızla…
– Yox, yatmırlar.
– Necə bildiniz?
– Bir dəfə Sebastyan demişdi ki, mən daha heç vaxt sirlərimi bölüşdüyüm, ürəyimə yaxın olan qadınla yatmayacam.
– Belə deyin…
– Mən yox, o elə dedi.
– Yaxşı deyib.
Ağzımı açıb salfetka istəməyə macal tapmamış qorxunc səsdən yuxarı rəflərə düzülmüş şüşələr yerə töküldü, bar masasındakı qədəhlər göyə tullanaraq çilik-çilik oldu, stullar aşdı, iri büllur çilçıraq zərblə tavana çırpılıb parçalandı. Çöldən insan nalələri, maşın siqnalizasiyalarının səsləri, qulaq batıran hay-küy gəlirdi. Barmen “zəlzələ, zəlzələ” dedi, amma mən bir inqilabçı kimi bombaları səsindən tanıyırdım. Bunu anlayan kimi küçəyə qaçıb onları axtarmağa başladım. İkinci bomba da elə bu anlarda, düz yanımda partladı. Onun dalğası məni kənara tullasa da, əlimlə üzümün qanını silib gözlərimlə Kristina ilə Sebastyanı arayırdım. İnsanlar təlaşla hara gəldi qaçırdı. Onların üçüncü partlayışdanmı, yoxsa ilk ikisindən qaçdıqları heç özlərinə də bəlli deyildi. Bu qışqırıqlar, ürək dağlayan iniltilər, yerdəki qan gölməçələri, gözə dəyən qopmuş ayaqlar, qollar adamı dəli edə bilərdi. Bu qiyamətdə belə gözüm onları gəzirdi. Tanışlarımdan soruşub rabitəsiz cavablar alırdım. Hamı öz hayında idi. Bir anda gözüm qaraldı. Ətrafdakı hamı və hər şey – ağaclar, işıq dirəkləri gözümə Alov Saçlı Qadın kimi göründü. Hətta kiminsə ayağına dəyib qarşıma diyirlənən kəsik baş da mənə Onun kimi baxdı. Yerə oturub gözlərimi yumdum, üstümdən adamlar keçir, ayaqlarıma, qollarıma zərbələr dəyirdi. Ayağa qalxmağa halım yox idi. Bir neçə dəqiqə sonra gözlərimi açanda Sebastyanla Kristinanı gördüm. Əl-ələ tutmuşdular və heç zaman bir-birlərindən ayrıla bilməyəcəkdilər. Bu an üçüncü bomba elə bil qarnımda partladı. Onun zərbindən dünya üstümə uçdu. Xarabalığın altında qaldım. Uzaqda heç kimin söndürməyə macal tapmadığı mahnı səslənirdi: “Səni məndən alan dünya bir də geri verərmi?”
27 iyul-4 avqust
2016
Film kimi
“Mən bir əsir idim, azad olmaq istədim”.
Əhməd bəy Ağaoğlu, “Sərbəst insanlar ölkəsində”
O gecə adi gecələrdən deyildi. Mən öz otağımda televizora baxırdım, içəridə ümumi zalda isə adam çox deyildi. Sınamışam, həmişə yuxuda qarpız görəndə səhəri nəsə şad xəbər alıram. Dünən gecə yuxuda görmüşdüm ki, rəhmətlik anam evə gəlib, divanda oturub, bir əlində də qarpız tutub.
Telefonuma qəfildən mesaj gəldi. Ürəyimə damdı ki, ondandır. Sevindiyimdən yerimdən dik atıldım. O idi, gözlədiyim adam. Bir il idi, hər gün onun Whats App-dakı şəkillərinə baxırdım, o şəkilləri telefonuma köçürürdüm. Hələ bir neçəsini çıxartdırıb özümdə saxlamışdım da. Amma ona yazmağa cəsarət eləmirdim. Necə eləyə bilərdim, axı? O mənə telefon nömrəsini verdiyini bəlkə də unudub. Yazıb onu narahat eləmək istəmirdim. Onun üçün sərxoş gecənin bir parçasıydım, vəssalam, artıq heç nə. Yəqin məni xatırlamazdı…
Burda çalışan qızların bir arzusu var:ərə gedib ana olmaq, bununla da keçmişi qara duman kimi dağıdıb yox eləmək. Amma elə də asan deyildi. Niyə də olsun? Guya hansı arzu asandır ki?
Onun Whats App-da yazdığı bir cümləni öz Whats App-ıma da qoymuşdum. Həm cümlə xoşuma gəlmişdi, həm də düşünmüşdüm ki, bəlkə belə diqqətini çəkərəm. Cümlə bu idi: “Hər zaman sahib olduqlarımız sahib olacaqlarımızdan daha dəyərlidir”. Düzünə qalsa, üzümü çevirib öz gün-dirriyimə baxanda bu fikirlə razılaşa bilməzdim, amma yenə də şükür eləməliydim. Heç olmasa, bir parça çörəyim, başımı soxmağa damım var. Sabah isə Allah kərimdir.
Hərdən ikimizlə bağlı xəyallar qururdum. Düşünürdüm ki, nə zamansa evlənə bilərik, uşaqlarımız olar. Hərdən bu xəyallarımdan özüm də utanırdım. Amma bu bir ildə elə bir gün olmadı ki, onu düşünməyim, ona qovuşmağı arzulamayım, şəkilləri ilə zaman keçirməyim.
Gözlərimi ismarıcdan çəkə bilmirdim. O, kefimi soruşurdu. Demək adımı telefon dəftərinə qeyd eləyibmiş, çünki beləcə də yazmışdı: “Salam, Fidan. Kefin necədir?”. Cavabı əllərim titrəyə-titrəyə yazdım. Sonra dedi ki, bir azdan gələcəyəm. Ünvanı soruşdu, keçən dəfəki yerdə işləmədiyimi dedim, təzə ünvanı verdim. Tez makiyajımı təzələdim, paltarımı dəyişdim. Ümumi salona keçib ürəyim əsə-əsə gözləməyə başladım. 20 dəqiqə demişdi, düz 27 dəqiqəyə gəldi.
Onu görən kimi ayağa qalxdım. Yaxına gəlib məni qucaqladı. İlmi keçdi, aymı ötdü?! Sonra mənim otağıma keçdik. O, çarpayıda oturdu. Gözlərini üzümə dikmişdi, qayğıyla, sevgiylə baxırdı. Yanında oturub bərk-bərk ona qısıldım, başımı sinəsinə qoydum. O da bir əli ilə çiynimi qucaqladı. Bir neçə dəqiqə beləcə yan-yana oturduq. Ömrümün ən xoş anları, birillik həsrətimin meyvələriydi o dəqiqələr.
Sonra ayağa qalxdı, pencəyinin cibindən uzunsov qutu çıxartdı. “Sənə gətirmişəm” dedi. Allah, bu günü görmək də varmışqismətimdə: qapını bağlayan kimi ehtirasla üstümə atılan kişilərdən sonra mənə şokalad gətirən də olacaqmış. Özü də o gətirəcəkmiş bu şokaladı.
Onu yenidən bərk-bərk qucaqladım. Həyatda heç kimi belə qucaqlamamışdım. Düşündüm ki, biz hökmən xoşbəxt olacağıq, mən hər gün onu belə sevgiylə, belə ehtirasla qucaqlayacağam.
Sonra pencəyini birtəhər əynindən çıxartdım, yatağa oturdu, su istədi, gətirdim, içdi, “sağ ol” dedi. Telefonumda bir musiqi qoydum, saçlarımı boynuma yığıb bütün şövqümlə, ehtirasımla onun üçün rəqs eləməyə başladım. İçimdən gəldi. İnsan ömründə ancaq bir dəfə belə rəqs eləyə bilər. Sevgilisini itirmiş erkək qu quşunun ölüm rəqsi qədər sevgi doluydu mənim rəqsim.
Mənə baxıb elə səmimi gülümsəyirdi ki… Hərdənbir dodaqlarını dişləyirdi. İstədim var gücümlə qışqıram: “Bilirsənmi sənin dişlədiyin o dodaqlara necə həsrətəm?!”. Amma qışqırmadım, rəqsimi qəfildən yarımçıq saxlayıb pişik kimi üstünə atıldım. Dodaqlarından öpdüm. O da öpdü. Məni qucaqlayıb başını sinəmə sıxdı. O axşam o mənə toxunmadı, beləcə yan-yana uzanıb xeyli söhbət elədik – hər halda mənə elə gəldi ki, xeyli vaxt keçdi. Sahibə qapını taqqıldatmasaydı, yəqin sabaha qədər söhbət edəcəkdik. Gedəndə söz verdi ki, yenə gələcək.
Səhəri gün ismarıc yazdı ki, işdən kənar yerdə görüşə bilərik? Quruca “Olar” yazsam da, ürəyimdə nə qədər sevindim – bir Allah bilir. Sahibədən icazə alıb getdim, bulvarda görüşdük. Bizim sahibə həmişə deyirdi ki, həyatda bircə arzum var, kaş mənə bir dəvətnamə gələydi, toya gedib oynayaydım, pul yazdırıb gələydim, ondan sonra lap ürəkdən ölərdim. Bizim kimilər üçün bulvarda oğlanla gəzmək də arzudur, vallah.
Bulvarın bir küncündə xeyli gəzib-dolaşdıq, çoxlu suallar verdi, həyatımla maraqlandı, ailəmi soruşdu, başıma gələnləri öyrəndi. Sonra balıq restoranında oturduq. Deyəsən, burda onu yaxşı tanıyırdılar. Nə vaxtsa televizorda gördüyüm gözəl bir qız stolumuza yaxınlaşıb onunla öpüşüb-görüşdü, mənə də əl verdi. Gözucu məni başdan-ayağa süzdü.
Restorandan çıxıb gəzişdik. Axşam düşmüşdü. Oturub çay da içəndən sonra məni taksiylə yola saldı. Elə yoldaca ismarıc yazıb bu gözəl axşama görə ona təşəkkür elədim.
O gecə tərslikdən müştərimız yaman çox oldu. Amma ard-ardına görüşlər belə onun işıqlı surətini gözümün qabağından apara bilmədi.
İki-üç gün sonra zəng vurub məni evinə dəvət elədi. Məni qapıda qarşıladı, bir azdan sifariş etdiyi pizzalar gəldi. Soyuducudan götürdüyü pivələri içə-içə pizzaları ləzzətlə yedik. Yemək zamanı mənə yenə də çoxlu suallar verməyə başladı, mən də həvəslə cavab verdim. Bir film qoydu, adı beləydi: “Kabiriyanın gecələri”. Ona baxdıq. Məndən soruşdu ki, film haqda nə düşünürəm. Bu sualı eşidəndə özümdən gedəcəkdim, çünki hələ o vaxtadək heç kim məndən filmlə bağlı nə düşündüyümü soruşmamışdı. Fikrimi dedim, o da başıyla təsdiqlədi. Sonra yatağa girdik, o yenə də mənə yaxın durmadı, eləcə ona sarılıb qaldım. Saçlarımı oxşadıqca mən yuxu apardı. Məncə, sevgi budur, yanaşı uzanıb sarılmaq, gözəl xəyallara dalmaq, isti qucaqda yuxuya getmək…
Beləcə mütəmadi görüşməyə başladıq. Hiss edirdim ki, içimdə işimə nifrət oyanıb. Doğrusu, əvvəldən də bu işi sevmirdim, sadəcə, başqa nə edəcəyimi bilmədiyimdən bununla məşğul idim, lakin indi bu iş mənə əməlli-başlı əzab verməyə başladı. Maraqlısı bu idi ki, əzablarım artdıqca ona daha çox bağlanırdım. Doğrudur, o məni necə vardımsa eləcə də qəbul edirdi, evinə çağırırdı, mənimlə şəhərə çıxırdı, gəzirdik, yemək yeyirdik,amma… mənimlə sevişmirdi. Axı o niyə mənimlə sevişmirdi? Bəlkə xoşuna gəlmirdim? Yox, ola bilməzdi. Gözəl olduğumu, gözəl göründüyümü, geydiyim,az qala, hər paltarın mənə yaraşdığını mütləq deyərdi və bunu deməkdən də çox məmnun olardı. Özündən soruşmağa isə… utanırdım. Eləcə sarılıb susurdum. Bəlkə eşq dedikləri elə budur, sevişmədən sevmək, sarılmaqla mutlu olmaq və əlbəttə ki, bərabər çox zaman keçirdib heç zaman doymamaq. Eşqin tamını ruhumda hiss etdikcə çox xoşbəxt olurdum.
Görüşməyimizdən bir ay keçməmişdi ki, gecə yarısı qəfildən iş yerimə gəldi. Sakitlik idi, heç kim yox idi. Salondakı divanda oturduq. Çantasını açdı, mənə bir gül dibçəyi gətirmişdi. Çantadan zərf də çıxardıb verdi və dedi ki, mən gedəndən sonra açım. Ürəyim quş kimi çırpınırdı, məktubda nə yazıldığını indi bilə bilməzdim. Odur ki, gözlərində məktubla bağlı nəsə bir işarə, xırdaca ipucu axtardım. O, qəribə şəkildə sevincli görünürdü. Çayı soyutmadan, tələsik içib getdi. Zərfi açıb içində 5 dənə yüz manatlıq və bir məktub tapdım.
“Əziz Fidan!
Məktubu oxumamış gözünə pul sataşacaq. O pul sənin haqqındır. Onu götür və istədiyin kimi xərclə. Əlbəttə, düşünəcəksən ki, mən bu pulu sənə niyə verirəm. Bunu bilməsən də olar. Hə, bir də…mən Türkiyəyə gedirəm, yəqin uzun müddət görüşə bilməyəcəyik. Vidalaşmağı sevmirəm. Ona görə də bunu sənə məktubla demək istədim. Salamat qal, əziz dost. Bəlkə nə vaxtsa bir də görüşdük.”
Məktubu götürüb boş otaqların birinə keçdim, səsimi eşitməsinlər deyə suyu axıradək şarhaşar açıb hönkürtü vurdum. Sonra zor-güc özümü sakitləşdirdim. Salona qayıdıb onun mənə bağışladığı dibçəyə xeyli tamaşa elədim, yarpaqlarını sığalladım, stolun üstündəki su şüşəsindən dibinə su tökdüm.
Bir neçə aydan sonra onu televizorda gördüm. Rejissor imiş. Yenə hər zamankı kimi dodaqlarını dişləyirdi, nədənsə narahat və əsəbi görünürdü. Aparıcı ondan yeni çəkəcəyi film haqqında soruşanda belə dedi: “Bilirsinizmi, bu film bir fahişə haqqındadır, onun arzuları, yaşantıları, gündəlik həyatı… Mən bu filmdə insan əzablarının sərhəddini göstərmək, ona müasir dövrün rakursundan baxmaq istəmişəm”.
Gözümü yana gəzdirib fikri telefonda olan qızların heç birinin onu eşitmədiyinə əmin olanda rahatlıqla nəfəs aldım. Bu dəm içəri hündür boylu bir kişi girdi. Mən ucadan gülə-gülə qaçıb özümü onun qollarına atdım. Məni tutmasaydı, yerə elə səriləcəkdim ki, xurd-xəşilim çıxacaqdı. Nədənsə o, fahişənin bu hərəkətinə zərrəcə təəccüblənmədi və məni dibçək kimi qucağına sıxıb otağa apardı.
25 sentyabr 2015
DVD
Vaqif teatrdan çıxıb asta və yorğun addımlarla Hüsü Hacıyev küçəsi ilə "İçərişəhər" metrosuna tərəf gedirdi. Onu adətən işdən sonrakı içki məclislərinə saxlamazdılar. Çünki azacıq içəndə belə dərin sükuta qərq olur və sanki dili-ağzı bağlanırdı. Vaqif teatrın truppasındakı qədər də içki məclislərində arzuolunmaz şəxs idi. Heç kimin yiyə durmadığı rolları ona verirdilər. Dərindən baxanda onun həyatdakı rolunu da heç kim oynamaq istəməzdi. Lakin bu həyatın təfərrüatlarından lap az adamın xəbəri vardı. Vaqif sirverməz olduğu kimi həm də maraqsız adam idi.
Bu gün Vaqif üçün həmişəki günlərdən fərqli idi. Bunu onun üzündəki ifadədən tutmuş addımlarının sürətinə qədər hər hərəkətindən bilmək olardı. O, bu gün düz 22 ildən sonra ilk dəfə doğma kəndini, yurdunu, evini görəcəkdi. Yarım saat sonra gürcü dostu ilə "İçərişəhər" metrosunun qarşısında görüşü vardı. Vaxta hələ vardı, amma o tələsirdi. Görüşə on beş dəqiqə qalmışdan metronun qabağında var-gəl edirdi. Xoşbəxtlikdən dostu da tez gəldi, yubanmadı. Ondan DVD-ni alıb əlini cibinə atdı. Tələsdiyindən kartından pul çıxarmağı unutmuşdu. Metronun girişindəki bankomatdan iki aylıq maaşını çəkib dostunun ovcuna basdı. Sonra da əlini onun çiyninə vurub sürətli addımlarla turniketdən keçib evə tələsdi.
Evdə onu heç kim gözləmirdi. Ayaqqabılarını çıxartmadan birbaşa qonaq otağına keçdi. DVD-ni bilgisayara qoyub siqaret yandırdı. Bəli, bu onun illərdir yuxularına girən həmin kənd idi. Kəndlə bağlı hər şey onun yaddaşında dipdiri qalmışdı. Müharibə kəndə az zərər vermişdi. Doğrudur, görüntülərdə kəndin lapaz hissəsi əks olunurdu və bütün bu görüntülər onun xəyalı ilə, 22 il əvvəl qoyub getdiyi kənd ilə eyni idi. Sadəcə, adamsız kənd sanki köhnəlmiş, nimdaşlaşmış və qocalmışdı. Eynilə Vaqifin özü kimi… Məsələn, Vaqif ilk dəfə bu kəndin klubunda səhnə deyilən şeyin həzzini dadmış, qorxusunu udmuşdu. Nə olsun ki, bütün tamaşaçıları adbaad, sifətbəsifət tanıyırdı. Amma yenə də Qacarın qarşısında Vaqifin monoloqunu deyəndə XVIII əsrdəki adaşı Vaqif qədər qorxmuş, hürkmüşdü və bu hürkü ilə də sənətə əbədi olaraq bağlanmışdı. Tamaşanın sonundakı gurultulu alqışların fonunda aydın başa düşmüşdü ki, bundan sonra onun həyatında səhnədən başqa heç nəyə yer olmayacaq.
Həyat ona ağrıları sənətdən çox səhnə arxasında yaşadacaqdı – kəndin işğalı, ardınca da min cür əzab, əziyyət, zillət. Əslinin əsir düşməsi onu kəndin işğalından da çox ağrıtmışdı. Həyat belədir, insanın başına faciə gələndə bunu iztirabın son həddi sayır və bu iztirabı yalnız ondan da böyük növbəti iztirab sakitləşdirə bilir. Əsli kəndin işğal günü əsir düşsə də, Vaqif bu xəbəri bir həftə gec eşitdi. O bir həftə Vaqif üçün əzablı keçmişdi. Əslinin qonşuluqda, təhlükəsiz kənddə olduğunu düşünürdü deyə o sarıdan narahat deyildi. Həqiqəti biləndə avtomatı ilə özünü vurmaq istəmişdi. Kəndin işğal xəbərinin ardınca Əslinin əsir düşməsi xəbəri Vaqif üçün ölümdən də betər olmuşdu. Amma onu hələ bundan da ağır faciə gözləyirdi…
Bir neçə aydan sonra Əsli əsirlikdən azad edildi. O zaman Vaqif ağır əməliyyatlar keçirdiyi qospitalda yatırdı. Həmin vaxtlarda dünyanın ən yazıq adamı idi. Ermənilərin əsirlərin başına hansı oyunları açdığını körpə uşaqlar da bilirdi. Bu barədə qəzetlər yazır, televiziya danışırdı. Onsuz da darmadağın olmuş psixoloji vəziyyəti Əslinin əsirlikdən qayıtmasına hazır deyildi. Əvvəlcə gizlənmək, qaçıb başqa ölkəyə getmək istədi. Bəs Əslinin taleyi necə olacaqdı? Bu qızı illərlə sevmişdi, Əslinin bu dünyada ondan başqa kimsəsi yox idi. Bu barədə qərar verənədək Əsli özü gəlib onu qospitalda tapdı. Onu görəndə Vaqif həyatının dördüncü travmasını yaşadı: Əsli hamilə idi.
Çox dəyişmişdi: Başında ağ tüklər gözə dəyirdi, üzünə qırışlar düşmüşdü. Əslinin onda vur-tut 21 yaşı vardı, amma 50-dən az verməzdin. O, palataya girəndə Vaqifin gözünə birinci dəyən onun şişmiş qarnı oldu. Əsli yad kişilərin əhatəsində sıxılıraq gözləri ilə Vaqifi axtarırdı. Həmin anlarda Vaqif onun üzünə deyil, qarnına baxırdı. Çünki ilk baxışdan Əslini tanıya da bilməzdi. Baxışları toqquşdu. Oynadığı yüzlərlə pyesdə, baxdığı yüzlərlə filmdə belə səhnə yox idi, olmamışdı və yəqin ki, heç vaxt da olmayacaqdı. Əslini görən kimi palatadan çıxdı, qospitalın damında bir qutudan çox siqaret çəkdi. Ondan qaçmırdı, sadəcə, bu görüşə hazır deyildi. Dünyada bu qədər dözümlü neçə nəfər vardı ki…
Bir saatdan sonra damdan həyətə düşəndə Əslini gördü. Əsli skamyada elə yazıq oturmuşdu ki… Ağır döyüşlərdən salamat çıxmış, qucağında dostları can vermiş Vaqif həmin anda çox kövrəldi və heç kimdən və heç nədən çəkinmədən qaçıb Əslini qucaqladı. Bu, düz 21 il əvvəl olmuşdu və Vaqif də, Əsli də bu anı heç zaman unutmamışdılar. Lakin heç zaman da xatırlamamışdılar.
Kəndin işğalından cəmi bir neçə gün əvvəl Vaqif Əslini yoluxmağa gəlmişdi. Ardınca da Əsli əsir düşmüşdü. Bu uşaq onun da olabilərdi. Amma onun olmaya da bilərdi. Bu qeyri-müəyyənlik onu haldan çıxardırdı, bəlkə uşağın atasının özü olmadığını bilsəydi, rahatlanardı. Qəribədir ki, Əsli ilə bir dəfə də olsun bu barədə danışmamışdılar, danışa bilməmişdilər. Cəmi bir dəfə, Mətləbin (Vaqif oğluna atasının adını qoymuşdu) on yaşı olanda bir seriala baxdıqları zaman orada DNT testi barədə danışmışdılar. Həmin an Əsli bunun mümkün olduğunu öyrənmişdi. Qadın Vaqifin üzünə baxmışdı, o isə cavab əvəzində kanalı dəyişmiş, otaqdan çıxmışdı. Mətləb Vaqifin oğlu idi. İllərdir Vaqif bunu özünə belə qəbul etdirmişdi. Mətləbin isə nə anasının əsir düşməsindən, nə də ailədəki nigaranlıqdan xəbəri yox idi. Vaqif digər həmkəndliləri kimi çadır şəhərciyində deyil, Bakıda məskunlaşmışdı, burda, teatrda iş də tapmışdı. Kənddən tanıdığı adamlarla əlaqəni birdəfəlik kəsmişdi. Keçmişin bir zərrəsini belə xatırlamaq istəmirdi, bundan ötrü mümkün olan hər şeyi etmişdi. Eləcə də Əsli…
Mətləb böyüdükcə ailənin qorxuları da böyüyürdü. Uşaq elə balacalığından heç kimə qaynayıb-qarışmırdı, ünsiyyət qurmur, özünə qapanırdı. Beş-altı yaşından futbola bağlanmışdı. İndi ölkənin ən yaxşı klublarının birində oynayan Mətləb üçün futbol təkcə uşaqlıq sevdası deyildi, həm də peşə və qazanc yeri idi. Lakin futbol belə Mətləbi qaradinməzlikdən xilas edə bilmirdi. Yeniyetməlik dövründən qarışıq yuxular görməyə, xəyali dostları haqqında danışmağa başlamışdı. Əsli uşağın bu halından çox narahat idi, Vaqif isə narahatlığını büruzə vermir, bunu uşağın, sadəcə olaraq, qəribəliyilə bağlayırdı. Əslinin təkidlərindən sonra psixoloqun yanına getdilər. Psixoloq bütün həmkarları kimi uşaqlıq travmalarından söz saldı. Bu, əlbəttə ki, həm Əslini, həm də Vaqifi çox narahat edirdi. Lakin xoşbəxtlikdən onun yazdığı dərman effekt verməyə başladı və psixoloq yanına getməyə bir də ehtiyac qalmadı.
Son bir neçə ayda Mətləb yenidən özünü qəribə aparmağa başlamışdı. Hər şey bazar sabahı başladı. Həmin gün ailədə hamı adəti üzrə yataqdan gec qalxırdı. Səhər yeməyində Mətləb babasından danışdı. Oğlan babasını heç vaxt görməmişdi, çünki babası o, doğulmazdan bir neçə il əvvəl, Vaqif hələ tələbə olanda dünyasını dəyişmişdi. Üstəlik, məlum səbəblərdən babasının bir şəkli də qalmamışdı. Lakin Mətləb babasını elə dəqiq xatırlayırdı ki, Vaqif narahat oldu. Kişinin hətta üzündəki xaldan da Mətləbin xəbəri vardı. Bu dəfə Əsli buna əhəmiyyət vermədi. Bir neçə gün sonra Mətləb yenə də babasından söz saldı, atasını suala tutdu. Vaqif bu sualların qarşısında gözünü döydü, lakin Mətləbin dedikləri o qədər dəqiq idi ki… Misal üçün, Mətləb babasının atının adını belə bilirdi. Oğlan durmadan babası haqqında atasına, ondan cavab gəlmədiyini görüncə anasına sual yağdırmağa başladı. Bir gün Vaqif onun bu suallarına dözməyib səsini qaldırdı, Mətləb də qapını çırpıb evdən getdi. Bu, onların ailəsində ilk söz-söhbət idi. Əslinin yalvarışlarından sonra Mətləb evə qayıtdı. Vaqif onun boynunu qucaqladı, atası haqqında ümumi bir söhbət edib mövzunu bağladı. Mətləb də daha suallar vermədi.
Bir müddət keçdi. Evdəki sakitlik bu dəfə daha qəribə şəkildə pozuldu: Mətləb babasının sağ olduğunu, hansısa çadır düşərgəsində yaşadığını elə əminliklə dedi ki, atasını öz əllərilə qəbrə qoymuş Vaqif xoflandı. Mətləb daha balaca uşaq deyildi ki, həkimə aparaydılar. Futbolçu idi, bir ay bundan əvvəl milli komandanın formasını geyinmişdi. Hər halda Əsli onu həkimə apardı, di gəl ki, həkimin dərmanları bu dəfə ona təsir eləmədi. Doğrudur, Mətləb babası haqqında bir də nə sual verdi, nə də danışdı. Lakin evə gec gəlməyə başlaşdı. Təsadüfdən Vaqif onun babasını axtardığını öyrəndi. Vaqif əlbəttə ki, öz atası sarıdan narahat deyildi, lakin bütün bu axtarışların gəlib Əslinin əsirliyinə çıxacağından ehtiyat edirdi. Mətləb isə inadkar idi.
Vaqif görüntülərə baxa-baxa elə bütün bunları düşünür, düşündükcə qarışıq hisslər keçirirdi. Bir-iki dəfə kövrəlsə də, qəhər gəlib boğazına tıxansa da, ağlaya bilmədi. Ağlasaydı, bəlkə də sakitləşərdi. Evin qapısı döyüləndə Vaqifin hönkürməyinə lap az qalmışdı. Tez ayağa qalxıb DVD-ni bilgisayardan çıxartdı və rəfdəki kitabların arasına qoydu. Qapını açdı, Mətləblə Əsli idi. Həmişəki kimi Mətləb məşqdən çıxanda anasını da işdən götürmüşdü. Əllərində market torbaları vardı. Oğlan anasının dalınca mətbəxə girib torbaları stolun üstünə qoydu və otağına keçdi. Əsli isə səhərdən hazırladığı yeməyi qızdırıb süfrə açdı. Ailə həmişə mətbəxdə şam edirdi, lakin Vaqif yemək dolu qabı götürüb qonaq otağına apardı. Əsli də süfrəni orda düzəltdi. On dəqiqə sonra onlar süfrə arxasında əyləşib ordan-burdan söhbət edə-edə yeməyə başladılar. Birdən Vaqifin ağlına nə gəldisə ayağa qalxıb Tiflisdən aldığı bahalı şərabı gətirib süfrəyə qoydu. Nə Vaqif, nə Mətləb və əlbəttə ki, Əsli içməyə meyilli deyildi. Ona görə də onun bu hərəkəti ana-balaya qəribə göründü. Vaqif şərabı açıb hamıya süzdü, sual dolu nəzərlərlə onu seyr edən oğluna və arvadına baxıb dedi:
– Mənə elə baxmayın. Deyəcəm hamısını. Bu gün bizim həyatımızda əlamətdar gündür.
Sonra əlindəki qədəhi yerə qoyub ayağa qalxdı. Kitab rəfindən DVD-ni götürüb televizorun altındakı tozlanmış DVD qurğusuna taxdı. Pultu götürüb düyməni basıb dedi:
– Bax, Mətləb. Bu bizim kəndimizdir. Bura klubdur. Kinolara da burda baxırdıq. Ananla burda o qədər kinoya baxmışıq ki. Hə, bura kənd sovetinin qabağıdır. Axşamlar kişilər bura yığışıb söhbət eləyər, domino oynayardılar. Burdan bir az qabaqda bizim evdi. Bu evi baban tikmişdi. Kənddə bizim evdən hündür ev yox idi. Çünki baban bənna idi. Bura bax, bax, burda futbol oynayırdıq. Daşlardan qapı düzəldirdik. Burda, bax, burda olub mənim toyum. Hə, elə küçədə. Mağar qurmuşduq. Niyaməddin gəlmişdi toya. Hə, bura Əsligilin evidir. Burda da çayı kəsib özümüz üçün üzməyə yer düzəltmişdik.
Əslinin göz yaşları əlindəki qədəhə damcılayırdı, Mətləb donub qalmışdı. Vaqif isə elə hey danışırdı…
Avqust
2018
Banan
Emrah Serbesə
Mağazadan çıxanda gördüm onu. Mənə baxıb gülümsəyirdi. Aramızda az məsafə vardı. Bu məsafənin çoxunu da o gəldi. Bir-birimizə bir neçə addım qalmış dayandıq. Üstü-başı tökülürdü. Geyimi çox nimdaş idi. Qırx yaşlarında olardı. Mən bir az heyrət, bir az da təəccüb içində idim, amma o gülümsəyirdi. Təbəssümündə nəsə yazıqlıq ifadəsi vardı. Xəstə uşağın içindəki ağrını boğub anasına baxıb gülümsəməyi kimi… Mən də gülümsədim. Amma mərhəmətlə yox. Çünki onun təbəssümü mərhəmət dilənmirdi: bu, sadəcə, ötüb-keçənləri unutmaq… bir az gülümsəmək istəyi idi. Dünyanın ən məsum istəyi… Vəssalam!
Üz-üzə dayandıq. Çox romantik alındığını bilməsəydim, güclü küləyin onun saçlarını üzümə toxundurduğunu da təsvir edərdim. Di gəl ki, XXI əsrdə belə təsvirlər dəbdən düşüb. Kişi olduğum üçün ilk sözü mən deməli idim.
-Bağışlayın, biz tanışıq?
O, “yox”u elə dedi ki, min ilin tanışı da bu cür səmimiyyətlə deyə bilməzdi. İnsanlar ya tanış olar, ya da nə zaman və harda tanış olduqlarını yada salmağa çalışarlar. “Biz tanış deyilik”lə başlayan dialoq çox uzana bilməz. Uzandı amma…
-Bəs indi biz nə edək?
–Bilmirəm.
–Onda ayrılaq.
–Bəlkə nə zamansa görüşmüşük?
–Yox, mən dəqiq bilirəm.
Bu qəribə görüşü bitirib qaynar çay içmək üçün yaxınlıqdakı kafeyə girdim. Çayımı içəndən sonra saata baxdım. Gec idi, evə getməliydim. Pulu stolun üstünə qoyub kafedən çıxdım. Kafe ilə üzbəüz marketdə hay-küy qopmuşdu. Bir oğlanı oğurluq üstündə tutmuşdular, marketin işçiləri onu dövrəyə almışdı. Oğlan oğurluq etmədiyini deyirdi, amma onu danışmağa qoymurdular. Bir nəfər “oğru”nun, ya da oğlanın qolundan tutub ətrafdakılara nəsə başa salmağa çalışırdı. “Bir nəfər” o idi. Oğlanın yaxasını buraxdılar, o da iti addımlarla mənə tərəf gəldi. Yenə gülümsəyirdi. Bu dəfə də sualı mən verdim:
-Adın nədir sənin?
–Neynirsən?
–Sənə nə deyim bəs?
–Nə istəyirsən de.
–Aişə necədir? Olar?
–Olar…
Bunu deyib çay içdiyim kafenin vitrininə baxdı.
-Bəlkə çay içək? İstəyirsən?
“Əlbəttə” dedi və arxamca düşüb kafeyə girdi. Girişdə qapını bizim üçün açan oğlanı qəribə nəzərlərlə süzdü. Sanki o vaxtadək heç kim onun üçün qapı açmamışdı. Qarşımızdakı menyuya gözünün ucuylada baxmadı. Soruşası oldum:
-Bəlkə acsan?
–Yox, çay istəyirəm.
–Böyük stəkanda?
–Fərqi yoxdur. Sən hansından istəyirsənsə, ondan olsun.
Başımızın üstündə dayanan ofisiantdan iki fincan çay istədim. Ofisant çayları gətirib qarşımıza qoyanadək o, uzun-uzadı mənə baxdı. Çay gələn kimi bir qurtum alıb dedi:
-Bilirsən, burda, yaxında bir market var. Orda mer-meyvə ucuz olur.
–Hardadır?
–Elə bir az qabağa gedib sola dönürsən. Göstərərəm sənə…
–Göstərərsən.
–Həmişə ordan alıram.
–Bəs harda yaşayırsan?
–Qara Qarayevdə.
–Burdan meyvə alıb sonra o boyda yol gedirsən?
–Hə, burda ucuzdur.
Bu söhbəti davam etdirmək üçün nə bir sual, nə də söz tapıb deyə bildim. Doğrudur, bir dəfə sərxoş olanda kafenin barmeninə ölkədə pambıqçılığın inkişafı haqqında uzun-uzadı mühazirə oxumuşdum. Pambıq sahəsini ancaq televizorda, AzTV-nin “Torpaq 97” verilişində görməyimin söhbətə heç bir dəxli yox idi. Sonralar dövlət bu sahəyə diqqət ayırdı, lakin nəticə çox da ürəkaçan olmadı. O zamandan indiyədək də kənd təsərrüfatı mövzularına qoşulmuram. İndi meyvənin qiyməti də məni qətiyyən maraqlandırmırdı. Çünki hər meyvədən iki dənə, uzağı, üç dənə alırdım. Amma onun fikri uzaqlara getmişdi. Bu sözləri pıçıltı ilə dedi: “Bir dəfə anam iki banan almışdı, doqquz yerə bölüb yedik”.
Nə vaxtsa, meyvəni kilo ilə aldığım zamanlarda “Banan qabığındakı kədər” adlı kitab oxumuşdum. Xəyalım o kitabın yanına getdisə də, orda çox ləngimədi.
-Doqquz yerə niyə bölürdünüz ki?
–Yeddi uşaq idik.
–Hə, belə de…
–Elə o banan yeməyimizdən bir neçə gün sonra anam öldü.
–Allah rəhmət eləsin.
–Sonra atam təzədən evləndi.
Bepul matn qismi tugad.