Kitobni o'qish: «Yalnızıq»
Peyami Safa
Yalnızıq
roman
Peyami Safa
Peyami Safa (1899 – 15 iyun, 1961) İstanbulda anadan olub. Məşhur şair İsmayıl Safanın oğludur. Davamlı təhsil ala bilməyib. Özü-özünü formalaşdırmağa çalışıb. 13 yaşından həyatın qoynuna atılan yeniyetmə Poçt Teleqraf Nəzarətində işləyib. Müəllimlik (1914–1918), müxbirlik (1918–1961) ilə məşğul olub. Həyatını yazdığı məqalələr, yazılarla təmin edib.
1961-ci ildə İstanbulda dünyasını dəyişib.
Qardaşı İlhami ilə birlikdə “İyirminci əsr” adlı qəzet dərc edən Safa bu qəzetin səhifələrində ilk hekayələrini imzasız çap etdirib (1919). “Mədəniyyət həftəsi” (21 nömrə, 15 yanvar–3 iyun 1936) və “Türk düşüncəsi” (63 nömrəsi, 1953–1960) adlarında iki dərginin nəşrində yaxından iştirak edib. Vəfat edənə qədər “Son havadis” qəzetinin baş yazarı kimi fəaliyyət göstərib.
Peyami Safa xalq üçün yazdığı ədəbi dəyəri olmayan romanlarını “Sərvər Bədi” imzası ilə yayımlayırdı. Sayı 80-dən artıq olan bu romanlar arasında “Cumbadan Rumbaya” (1936) romanı ilə “Cingöz Recai” polis-hekayə dizisi çox məşhurdur. Bundan başqa, o, dərs kitabları da qələmə alıb. Peyami Safanın lətifə və məqalələrində sağlam məntiqi düşüncə və inandırıcılıq hökm sürür. Romanlarında hadisələrdən daha çox təhlilə əhəmiyyət verən yazıçı toplumdakı əxlaq çöküntüsünü, mədəniyyətin yaratdığı silkələnməni, nəsillər və sosial çevrələr arasındakı qarşıdurmanı dilə gətirməyə xüsusi əhəmiyyət verib. Bir-birinə zidd anlayışları, duyğu və düşüncə təzadını əsərlərində çox böyük ustalıqla təhlil etməyi bacarıb.
Romanları: “Şəmşək” (1923), “Sözdə qızlar” (1923), “Məhşər” (1924), “Bir axşam” (1924), “Süngülərin kölgəsində” (1924), “Bir gənc qız qəlbinin cinayəti” (1925), “Canan” (1925), “Fatih Harbiyə” (1931), “Bir tərəddüdün romanı” (1933), “Madmuazel Noraliyanın kreslosu” (1949), “Tənhayıq” (1951), “Biz insanlar” (1959).
Birinci hissə
Cəsarəti yox idi. Qardaşı kiçik və yuvarlaq çörək diliminin üstünə saat şüşəsi kimi diqqətlə yerləşdirdiyi kərə yağını çəkərkən heç bir məsələ haqqında ciddi şəkildə danışa bilməzdi. Bir qaşını yuxarı qaldırmışdı. İri mavi gözlərində parlayan iştahı görənlər onu heç tanımasalar belə, üzünün nə üçün güldüyünü ilk baxışdanca anlaya bilərdilər. “Lakin söyləməliyəm. Yoxsa dəli olacağam. Dünən gecə gözümə heç yuxu getmədi”.
Yüksək səslə:
– Dünən gecə heç gözümə yuxu getmədi, Bəsim, – dedi.
Qardaşı çörək dilimini dişləməmişdən əvvəl gözucu ona tərəf baxdı. Sanki bu baxışla bacısı hansı məsələ haqqında danışacaqdısa, bunun üçün çox pis vaxt seçdiyini ona xatırlatmaq istəyirdi… Sonra çörək dilimini dişlədi. Udqunarkən bu ilahi ləzzət anının gözəlliyini heç bir fikir, heç bir düşüncə ilə kirlətməyə razı olmadığını ona hiss etdirmək üçün bu dəfə də qaşlarını çatdı. Bir-iki dəfə udqunduqdan sonra ikinci loxmaya əl uzatmağa hazırlaşaraq soruşdu:
– Nə üçün, abla1? Deyirlər ki, dovşan kimi qorxaq yuxular var… Xırda bir narahatlıq oldumu, bircə çıqqıltı salsan, o dəqiqə dabanlarına tüpürüb qaçırlar. Sənin də yuxuların, deyəsən, elədir, eləmi?
– Elə deyil, Bəsim. Səninlə ciddi danışmaq istəyirəm. Narahatlığım hansısa əhəmiyyətsiz, kiçik bir məsələyə görə deyil, inan mənə. Görürsən, Səlmin yenə də süfrəyə gəlmədi. Üç gündür ki, səhərlər belə edir. Ürəyi bulanır, başı fırlanır. Dünən də səhər yeməyində üzü sapsarı idi. Diqqət yetirmədinmi heç?
Bəsim danışarkən düşünməyi sevməyən adamlar kimi sürətlə cavab verdi:
– Hələ ki ona hamilə gözü ilə baxa bilmirəm, incimə. Bu məsələlərdən heç baş çıxarmıram da… Ancaq şübhəni başa düşürəm. İnan mənə… Bütün bunlar adi şeylərdir. Üstündə ciddi şəkildə dayanılacaq, hələ bir səhər yeməyi vaxtı söhbət ediləcək məsələlər deyil.
– Bəsim, xahiş edirəm.
Əlindəki çəngəli içində yaşıl zeytun olan qaba uzadan Bəsim yenə bir qaşını yuxarı dartaraq:
– Vallah, Məfharət abla, – dedi, – sən bu gombul zeytunları haradan aldığını desən, daha ciddi məsələ haqqında söhbətə girişmiş olacaqsan. İnsan bədənində lazımsız orqan yoxdur. Səlmin də öz orqanlarından istədiyi kimi istifadə edibsə, bunu niyə təbii qəbul etmirsiniz ki? Axı bu, onun nəfəs alması qədər adi halıdır. İyirmi yaşını keçmiş gözəl bir qızın bədəninə beşinci dərəcəli bələdiyyə məmuru möhür vurduqdan sonra toxunulmasına icazə vermək adəti əlli il sonra nə qədər gülünc olacaq, bunu bilirsənmi? Bu yaşa qədər səbr etməsi belə axmaqlıqdır.
Məfharət qıpqırmızı qızardı. Əslində, Bəsimin bu barədə nə düşündüyünü yaxşı bilirdi. Yazda balkonda şezlonqlara uzanaraq, qışda isə buxarı qarşısında kreslolara çökərək etdikləri söhbətlər, saysız-hesabsız münaqişələr mənasız olardı. Onsuz da, o, heç vaxt fikrindən dönməzdi. Amma bununla belə, ailə üzvlərindən kiminsə şərəf və ləyaqəti haqqında heç söhbət düşməmişdi. Hələ bir Səlminin, Səlminin…
– Bəsim, xahiş edirəm. Səlmin mənim qızımdır, sənin bacın qızıdır. Qan beynimə vuracaq bu dəqiqə. Özün bir fikirləş, Allah eləməsin, belə bir şey varsa, bu necə böyük bir biabırçılıq olacaq. Bu qız dörd aydan çoxdur ki nişanlısından ayrılıb. Hamı da bunu bilir və heç də haçı sənin kimi düşünmür
– Hamı… Hər kəs… – Bəsim mızıldandı və sonra sözünə davam etdi, – İstanbulda, özü də bu cür əldəqayırma bir qəzəbədə hər kəs elə də böyük problem deyil. Əgər bura bir Orta Anadolu kəndi olsaydı, bax o zaman sənin o haqqında danışdığın hər kəs qızcığazın başına bəla ola bilərdi. Hətta zavvallının atasını onu vurmağa da vadar etmələri mümkün idi. Yaxud… Bir macar kəndində olsaydı, qapısına qatranla nişan vurular, damğalanar, hər gördüklərində də üzünə qarşı lənətlər yağdırardılar. Hətta bədbəxtə Vilma Bankinin “Səhər vaxtında”kı cəhənnəm əzabını da yaşada bilərdilər. Lakin burada hər kəs bu cür məsələlər haqqında tulumba tatlısı2 ilə sadə qəhvə içə-içə söhbət edərkən danışır, həm də bu zaman uşağın sarışınmı, qarabuğdayımı olacağı, kimə bənzəyəcəyi ilə daha çox maraqlanırlar… Vəssalam, məsələ bununla da ötüb gedir.
Məfharətin yumru və ətli sifəti o qədər şişdi və qızardı ki, gümüşü rəngli saçları ağarmış kimi göründü. Dodaqlarının qıraqları da elə bil şişmişdi. Bəsim bunun fərqinə varar-varmaz susdu. Bir həftə əvvəl ablasının təzyiqi iyirmi birə qalxmışdı. Bu isə təhlükəli təzyiq idi…
Qadın ağzını yarı açıb dərin bir nəfəs aldı.
– Kimə bənzəyəcəyini hamıdan əvvəl qoy mən səndən soruşum… Fikrin nədir? Güman edirəm ki, bununla bağlı da, heç olmasa, hansısa bir fərziyyən var…
Bəsim çay fincanına doğru uzanan əlini birdən-birə havadaca saxlayıb yerindən sıçradı:
– Hə də! Bircə bu əskik idi! Təbrik edirəm səni, abla. Çox yaxşı tapmısan… Əla! Mənə bənzəyəcək, əlbəttə…
– Sənə deyil, məni səhv başa düşdün.
– Mənə, mənə… İnan ki, belə bir şeyin olması da, ağlına gəlməsi də imkansız deyil. Çünki Səlminin çox gözəl olduğunu düşündüyüm və sənin qızın olduğunu yaddan çıxardığım anlar az olmayıb… Hə də… Elə bil içimə qurd düşürdü elə zamanlarda… Bacım olsaydı, yenə də məndən şübhələnə bilərdin… Amma bundan nə çıxar ki, ablacığım? İnsanın bütün başına gələn fəlakətlərin səbəbi təbiətə qarşı çıxamasıdır.
– Bəsim!
– Şübhələn, şübhələn! Nə qədər istəyirsənsə, şübhələn! Məndən belə şübhələn!
Məfharət yan-yörəsini gözucu süzdükdən sonra bağırdı:
– Mən səndən şübhələnmirəm!
Sonra da yalanın boğduğu, qısdığı bir səslə sözünü davam etdirdi:
– Mən heç kəsdən şübhələnmirəm. Mənim dərdim başqadır. Qardaşımın da vəziyyəti heç xoşuma gəlmir… Ona da nəsə olub… Dünən gecə evə gəlməyib… Səninlə əvvəl də bu barədə çox söhbət etmişik. Neçə müddətdir ki, nəsə gözümə birtəhər dəyir. Elə hey otağına qapanır, ortaya çıxmır.
Bəsim çayı qurtum-qurtum udumladığı zaman ondan aldığı ləzzət hissinin dillə dodaq arasında dad mərkəzinə necə getdiyini duymağa çalışır, bu anı şüursuz halda ötürmək istəmir, daha dərindən yaşamaq üçün gözlərini yumurdu.
Dilini çıxarıb dodaqlarını yaladıqdan sonra, nəhayət ki, söhbətə qayıtdığını bildirmək üçün başını yellədi:
– Bu bir xromosom müəmmasıdır, – dedi, – üçümüzün də eyni ananın və eyni atanın övladı olduğumuz şübhəsizdir. Yalnız 1923-cü ilin ortalarına qədər dünyaya gələnlər belə bir rahatlıqda danışa bilərlər… Üçümüzün arasındakı fərqə bax. Elə bil abim Kornelin nəvəsidir, mən isə Molyerin. Sən… Sən də… Oooo! Böyük babanı axtarmaq üçün Sofokla qədər gedib çıxmaq olar… Sən Səmimdən daha faciəli bir məxluqsan, bilirsənmi? Heç olmasa, onun bəzi zəif, həssas anları olur ki, içindəki faciə barıtı partlayaraq gözlərini yaşarda bilir. O ki qaldı sənin keçirdiyin narahatlıq hissinə, o vaxt da sənə söylədim: bizim qardaşımız aşiqdir… Amma bu, sənin gərnəşən pişik balası kimi əlini havaya qaldırıb uzun-uzadı monoloq söyləməyin üçün yetərli deyil. Bilirəm… Bilirəm… Sənin üçün maraqlı məsələ onun kimə aşıq olmasıdır…
– Dünən gecə, az qala, ağlımı itirəcəkdim.
Bəsim başını geri atdı:
– Buyur da! Sənin ən çox təkrar etdiyin söz elə budur: ağlımı itirəcəkdim! Ağlımı itirməsəm, ağlımı itirməkdən… Və sair və ilaxır…
– Vallah, ağlımı itirəcəkdim! Mən bu evin havasında bir ağırlıq duyuram, Bəsim. İnan mənə ki, duyuram…
– Təbii ki… Əcaib-qəraib yuxular da görürsən…
– Hə, görürəm… Dünən gecə pərdə görmüşəm… Özü də qapqara bir pərdə… Sıxıntı deməkdir.
– Mən də bu evin içindəyəm. Mən də burada yaşayıram… Özü də sizin kimi hər quşu bayquş hesab edən kabus xəstələrinin arasında… Amma gördüyün kimi, kefimi qətiyyən pozmuram.
– Aman Allah, sən adamı lap dəli edərsən… Səninlə heç bir…
Başını çevirib arxaya baxdı… Ayaq səsləri eşidilirdi. Yüngül bir öskürək də gəldi… Səlmin idi.
Məfharət ayağa qalxdı və baxışları ilə Bəsimə işarə vurduqdan sonra qızı ilə üz-üzə gəlməmək üçün bağçaya baxan aynəbəndin pilləkənlərinə doğru getdi. Səlminin üzü solğun idi.
– Sabahın xeyir, dayı.
– Bonjur, Səlmin. Gəl əyləş…
Qız başını qaldırmadan düz önünə baxırdı. Bəsim içində yaşıl zeytun olan qabı ona doğru itələdi.
– İnandırım ki səni, insanı bundan başqa evə bağlaya biləcək heç bir ləzzət yoxdur… Bircəciyini ağzına at və mənə cavab ver: bu dünyada hər şeyi rahat-rahat danışa biləcəyin yeganə adam mənəm, ya yox? Mənə hər şeyi danışa bilərsən, elə deyilmi? Səlmin… Di tez ol… De görüm, səni belə saralıb-solduran nədir? Nə baş verir?
Səlmin çəngəlini zeytuna batırdı, lakin sonra da çəngəllə birlikdə kənara qoydu. Qızılı rəngli qıvırcıq və uzun kipriklərinin haşiyələdiyi yaşıl gözlərində o dəqiqə nəzəri çəkən kəskin bir məna ilə cavab verdi:
– Məsələ təxmin etdiyiniz kimidir.
– Nə təxmin etdiyimizi hardan bilirsən?
Səlmin baxçaya doğru işarə etdi:
– Anamın çıxıb getməsindən hər şey bəlli olur, onsuz da. Onun olanları başa düşdüyünü artıq iki gündür ki, bilirəm.
Bəsim güldü:
– Aydındır. O zaman problem yoxdur. Bircə o qalır ki… Həmin bəxtəvər adamın adını söyləyəsən… Kim olduğunu deyə bilərsənmi?
– Deyə bilmərəm, dayı, bağışla… Deyə bilmərəm…
Bəsim ayağa qalxdı və başını buladı:
– O zaman sən məndən bu problemi on dörd dəqiqə ərzində həll edəcək və bir il sonra səni hansısa bir məclisdə görərkən: “Necəsiniz, Səlmin xanım?” – deyərkən səsindəki eyhamla keçmişi xatırlatmaqdan çəkinəcək dost bir həkimin ünvanını soruşacaqsan… Haqlıyammı?
– Səhvin var, dayı, soruşmayacağam…
Sonra da səsini bir az da qısıb əlavə etdi:
– Uşağı doğacağam.
Bəsim qızın fincanına çay süzərək yenə də başını buladı:
– Əla! Deməli, o bəxtəvər adamla evlənmək fikrin var… Və bu da onun son bəxtəvərliyi olacaq.
– Xeyir, evlənməyəcəyəm də…
– Hə… Soyu məlum olmayan və qanunsuz doğulan saysız-hesabsız vətən övladının sırasına birini də sən əlavə edəcəksən, eləmi? Problem deyil… Dəqiq, ya qeyri-dəqiq, məncə, buna haqqın var. Amma məsələ ondadır ki, bunu anana söyləyə bilmərik.
Səlmin çiyinlərini çəkdi:
– Məncə də, bu mənim haqqımdır… Anam ən böyük şansımın qabağını kəsdi, mane oldu mənə… Bundan sonra onun heç bir işimə, heç bir qərarıma qarışmasına imkan verməyəcəyəm.
– Gəlir, diqqətli ol!
– Buyursun, gəlsin! Ondan qorxum yoxdur…
Məfharət içəri keçdi, onlara yaxınlaşdı. Ayı pəncəsi kimi irəli uzatdığı əli ilə əsəbi-əsəbi yapışdığı stulu taqqıldada-taqqıldada özünə tərəf çəkdi. Üzü hələ də qan sağılmış kimi qıpqırmızı idi və şişkin görünürdü. Kök, amma zərif yanaqları sallanırdı. Səlmininkindən daha tünd yaşıl, hərəkətli, kipriksiz və kölgəzis gözlərinin heç nəyi bəyənməyən narahat baxışları ilə qızının üzünə baxdı və dərindən köks ötürdü.
Səlmin yenə də gözlərini qarşısında məchul bir nöqtəyə dikib kipriklərini qırpmadan baxırdı.
Məfharətin qərarsız baxışları qızı tərəfdə hərlənib Bəsimin üzündə dayandı. Qardaşı yenə də qaşının birini yuxarı qaldırmışdı, başını yüngülcə bulayır və gülümsəməyə çalışırdı. Gözucu bacısına nəzər salaraq asta səslə:
– Etiraf edirik, – dedi.
Məfharət süfrədə onunla üzbəüz oturmuş qızına tərəf əyildi və daha çox “səssiz” sözü ilə ifadə edilə biləcək səslə bağırdı:
– Kimdəndir?
Səlmin heç yerindən qımıldanmadı da. Onun əvəzinə dayısı cavab verdi:
– Bacıcan, icazə ver… Sən mənimlə danışacaqsan, bir az səbr et…
Məfharət ağır vücuduna yaraşmayan çevikliklə dərhal ayağa qalxmaq istədiyi üçün stulu aşırdı. Sonra müvazinətini saxlaya bilməyib arxaya doğru səndələdi. Az qala, yıxılacaqdı. Bəsim onu tutmaq üçün tez ayağa qalxdı.
Qadın üzünü qızına tərəf tutaraq bağırırdı:
– Kimdəndir? Söylə! Söylə deyirəm sənə! Kimdəndir?
Səlmin isə heç qımıldanmırdı da. Üzü və göz qaparları hərəkətsiz idi. Lakin dodaqlarının kənarlarında qarnının içindəkindən daha betər şəkildə anasını özündən çıxara biləcək bir təbəssüm gəzişirdi.
Məfharət tir-tir əsirdi. Bəsim əvvəlcə onun əlindən yapışmaq istədi. Lakin bu təmasın partlayış ilə nəticələnə biləcəyindən ehtiyat edərək Səlminə tərəf getdi, onun qolundan tutaraq ayağa qaldırdı və qonaq otağının qapısına qədər apardı.
Qız qapıdan çıxarkən anası arxasınca var qüvvəsi ilə bağırdı:
– Alçaq!
Sonra qardaşına tərəf döndü. Dişlərini qıcıyaraq hər iki yumruğunu havada oynatdı:
– Siz məni dəli edəcəksiniz!
Bəsim əllərini şalvarının ciblərinə soxaraq bir-birindən aralı qoyduğu ayaqlarından birini, nəhayət ki, irəli ataraq cəmi iki addım gedə bildi.
– Yaxşı! Yaxşı! Hər zamankı adamsan da! Heç dəyişmirsən!
Məfharət təkrarladı:
– Dəli edəcəksiniz, deyirəm! Bu evdə nələrsə baş verir, amma eybi yox, axır-əvvəl nə olduğunu aydınlaşdıracağam! Heç nəyi gizlədə bilməyəcəksiniz məndən! Görərsiniz!
– Yaxşı! Yaxşı!
– Dəli edəcəksiniz! Deyirəm də, dəli edəcəksiniz! Ağlımı itirəcəyəm!
Səsinin bir pərdə alçalmasından içindəki həyəcanın zirvədən aşağı enməkdə olduğunu başa düşən Bəsim öz səsini də bu enişə uyğunlaşdıraraq bacısına yaxınlaşdı:
– Mənimlə danış, abla… Gəl, birlikdə fikirləşək… Birlikdə çıxış yolu tapaq.
İki əli ilə qardaşını deyil, boşluğu itələyən Məfharət bağırdı:
– Sən bir kənara dur görüm… Heç sən də ciddi adam deyilsən…
– Qoy çağıraq, gəlsin. O gələnə qədər yanındayam, abla… Otur burada, otur… Sakitləş…
Sonra da Məfharətdə maraq hissi oyadaraq diqqətini başqa istiqamətə yönəltmək və qəzəbini azaltmaq üçün əlavə etdi:
– Mənim də bildiyim məsələlər var… Öyrəndiyim işlər var, dinlə bir görək.
Bu söz ağzından çıxar-çıxmaz siqaret qutusunu çıxardı:
– Al bu siqareti, özün də gəl bax burada əyləş, görüm.
Qadının qəzəbi bir andaca maraq hissinə məğlub oldu.
– Tez söylə, tez söylə, yoxsa dəli olacağam…
– Əyləş.... Hə… Eşit bir… Ərə gedəcək.
Məfharət bütün bədənini şişirən bir gərginliklə başını arxaya doğru ataraq soruşdu:
– O oğlanamı? İs-tə-mi-rəm! Məni məcburiyyət qarşısında qoymağa çalışdı, eləmi? Belə elədi ki, səsimi çıxara bilməyim! İstəmirəm!
– Yox, onunla evlənməyəcək… Yox, nişanlısıyla yox…
– Bəs kiminlə axı?
– Çox orijinal şərəfimə and içirəm ki, abla, nişanlısı ilə deyil… Uşağın atası o deyil…
– Bəs kimdəndir axı? Kiminlə evlənəcək? Dəli olacağam…
– Əgər bu məsələ dəlixanada həll edilə bilsəydi, abla, inan ki, mən də böyük məmnuniyyətlə səninlə birlikdə dəli olardım. Əksinə, sakit olmaq lazımdır. Sakit ola bilsən, özünə gələrsən… Təzyiqin, az qala, otuza qalxıb…
– Onsuz da, öldürəcəksiniz məni.
– Dayan bir, eşit… O bəxtəvər adamın adını soruşma. Mən də bilmirəm. Bircə onu aydınlaşdırdın ki, nişanlısı deyil.
Məfharət yumruqlarını sıxmışdı. O naməlum adamı otağın içərisində axtarırmış kimi ətrafına boylanıb soruşdu:
– O zaman kimdir axı o? Harada, hansı arada, nə tez? O oğlandan sonra kiminlə tanış oldu axı bu? Özü də belə bir qısa müddət ərzində…
Sonra qardaşının iki əlini də birdən havadaca qapdı:
– Mən sənə bir şey deyimmi, Bəsim? – dedi, – istəyirsənsə, dəli olduğumu de mənə… Amma…
– Anlayıram. Başa düşürəm səni… Deməyinə ehtiyac yoxdur… Kimdən şübhələndiyini bilirəm.
– Çünki sən də ondan şübhələnirsən, düz deyirəmmi?
– Xeyr… Buna şübhə deyə bilmərəm… Ancaq… Ablacığım, dünən biri burada idi, o biri isə yox…
– Bilmirəm. Dünən gecə başqa məsələ… Nə deyir indi? Kimdən olduğunu demir, eləmi?
Bəsim bacısına fikirləşmək üçün zaman vermək istəyirmiş kimi bir qədər duruxdu, sonra cavab verdi:
– Çox səbrsizlik edirsən… İki dəqiqə belə danışa bilməmişdik ki, fırtına kimi başımızın üstünü aldın. Narahat olma. Axır-əvvəl anlayacağıq.
– Sən nə deyirsənsə de, mənim şübhəm hələ də davam edir.
– Haqlısan, araşdırarıq, onu da anlayarıq…
– Qalx ayağa… İndi, elə indi otağına gedək.
Bəsim divar saatına baxdı və ayağa qalxdı.
– Qatarın gəlməsinə bir saatdan artıq vaxt qalıb. Gecələr nələrsə yazır. Tapaq, oxuyaq. Casusluq murdar hərəkətdir, amma…
Bəsim də qalxdı.
– Gedək, oxuyaq, – dedi, – heç bir şey sənin bu halın qədər dəhşətli ola bilməz. Yazı otağının qapısı bağlı deyil ki?
– Mən onu açacaq açar taparam.
– Allahın altında oğurluq etmək sənin bu qəzəbindən daha qəbulediləndir. Dünyanın sakitliyi üçün səssiz bir cinayəti bu cür səs-küy salmaqdan daha üstün tuturam. Simeranyanı kəşf edənin yazı otağının qapısını açmaq üçün açar axtarıb tapmaqda da mənim əxlaqıma zidd ola biləcək heç nə yoxdur.
– Məgər sənin əxlaqınmı var, Bəsim?
– Nə qədər rahat yaşadığımı görürsən. Ən əxlaqlı adamdan belə daha zərərsizəm. Məndən indiyə qədər ziyan gördünmü, abla?
– Ziyan vermək üçün fürsət tapa bilməmisən də, ona görə…
Bəsimin sevimli gözlərindən iki mavi quş pərvazlanıb Məfharətin çiyinlərinə qondu.
– Fürsət tapa bilməmişəm, eləmi?.. Daha bir qızın da olsaydı, o zaman sənə göstərərdim…
Söz ağzından çıxar-çıxmaz bacısının qoluna girdi:
– Gəl, – dedi, – Simeranyaya filan qulaq asma… Hər bir caninin içində mütləq və mütləq təmiz bir dünya var… Ora qaçmaq insanın özündən nifrət etdiyini ifadə edir. Mən hamamı səndən daha çox sevən fahişələr tanıyıram. Bu təmizlik həsrətinin sirrini indi biz iş otağının bir küncündə tapmağa çalışacağıq… Bəlkə də, tapa bildik… Mənim də ürəyimə şübhə toxumu səpdin… Dünya bu qədər marağa və həyəcana dəyərmi?
***
“Son gəmi. Göyərtənin ön tərəfindəyik. Yaxınlıqda heç kim yoxdur. Saçlarımız, az qala, bir-birinə toxunur. Külək onun saçlarını mənimkinə, bədəninin qoxusunu isə dənizinkinə qarışdırır. Gözlərim yumulub. İki əli də ovuclarımda… Sıxıram… Başını zərif bir hərəkətlə çəkir və yaz baxışları ilə gözlərimi arayaraq gülümsəyir. Üzündə qarşılıqlı bir yuxu anının dalğınlığı var… Sonra bu izləri ağır düşüncələrdən yaranan dəhşət hissi əvəz edir. Qorxu sarayının qapqaranlıq dəhlizlərində dolaşan tənha və məhbus bir şahzadə kimi gözləri qaranlığı əmir… Sonra böyüyür, irilənir və gözəlləşir… Mən onun tənha qəlbinə uzaqdan da olsa, səsimi çatdırmaq üçün ən gözəl hislərim haqqında qulaqlarına pıçıldayıram. Sonra dodaqlarımı yanaqlarına yaxınlaşdırıram. Üzü od tutub yanır… O dərəcədə yanır ki, bir az sonra kül olub dağılmasından qorxuram. Sonra incə bir nəmişlik… Xəfif bir titrəmə. Gözlərinin içinə baxıram. Qaranlıqdır… Soruşuram:
– Ağlayırsanmı?
Gözlərini yumur…”
***
“İndi pəncərəmdə, bu bahar səhərində vələs ağacların arası ilə uzanan dumanlı yola baxa-baxa…”
***
“İki tərəfdə də arzunu qürura qurban verməyə çağıran mənəvi söhbət anları olmasaydı, öz-özünü yeyən məhəbbətin işgəncələri nə qədər də azalmış olardı”.
***
“Hiss edirlərmi? Bəzən bu sirri daşıya bilməyəcək hala düşürəm. Bu mənim taqətimi kəsir… Ağır bir yükə çevrilir… Süfrə arxasında donub qalmış sükuta çevrilirəm. Yanakı baxışlarla məni süzürlər… Dünən axşam Məfharət radionun başında birdən-birə soruşdu:
– Abi, sizə ritmik bir mahnı axtarımmı?
Əslində o, radioda deyil, qəlbimdə ritmik bir dalğa axtarırdı.
Cavab vermədim. Tənhalıq… İsrar etmədi. Birdən-birə Bəsim üçün darıxdım. Onun sevinci, nəşəsi daima bu evi səssizliyin fırtınalarından xilas edir.
O dəqiqə gəldi. Əlləri cibində, ayaqlarını aralı qoyub… Mənə tərəf bir addım atıb:
– Abi, – dedi, – bu səhər həddindən artıq mühüm bir qərar vermişəm… Daha doğrusu, artıq bir həftədir ki, bu qərarı verir, amma heç cürə tətbiq edə bilmirəm…
Nə olduğunu soruşmadım. Mənim əvəzimə Məfharət soruşdu. Bəsim ona tərəf çevrilərək cavab verdi:
– Üzümü yumağa qərar vermişəm. Bundan sonra hər gün mütləq üzümü yuyacağam.
Hər səhər bütün vücudunu kolonya ilə silən Bəsimin su qorxusu məni illərlə düşündürmüşdü. Bu hissin altındakı komlpeksin nə olduğunu hələ tapa bilməmişəm.
Bəsim sualına cavab tapa bilməyəcəyinə əmin olsa da, soruşdu:
– Abi, Simeranyada necə yuyunurlar?
Elə bu vaxt Səlmin içəri girdi. Sualı eşitmişdi. Gözlədi. Cavab gəlmədiyini görüncə öz cazibəsini və heç bir kişinin qarşısında dayana bilməyəcəyi təsirini mənim üzərimdə açıq-aşkar sınamaq istədi:
– Dayı, Simeranyanın qızları və sevgiləri haqda danışardınız da, çox xahiş edirəm.
Hələ də özümü karlığa vururdum. Bəsim Səlminə başı ilə məni işarə edərək dedi:
– Bu quyudan ovucla su götürə bilməzsən. Boş yerə özünü yorma. Simeranyanın qızlarını tanımaq istəyirsənsə, “Nəğmələrin nəğməsi”ni oxu. “Çox gözəlsən, sevgilim, çox gözəlsən”… “Gözlərin göyərçinlər kimi…”, “Məni almalarla canlandırın… Mən məhəbbət xəstəsiyəm”. “Sol əli başımın altında olsun, sağ əli ilə isə məni qucaqlasın… Ey! Orşelin qızları! Sizə – ceyranlara və səhra marallarına and verirəm ki, sevgilim istəmədikcə onu yuxudan oyandırmayasınız… Bu gələn sevgilimin səsidir… Budur, dağlar üstündən keçərək, təpələri adlayaraq gəlir…”
Dayandı. Xatırlamağa çalışaraq hafizəsini qurcaladıqdan sonra ilk gəncliyimizdə bərabər əzbərlədiyimiz bir parçanı oxumağa başladı: “Sevgilim ceyrana, yaxud maral balasına bənzəyir… Bax bu dəqiqə divarın arxasında durur… Pəncərədən baxır… Qəfəsdə çırpınır… Çünki artıq qış keçib. Yağışlar da yağmır… Hər yan çiçəyə bürünüb… Budama zamanı yetişib… Hər yerdə qumruların səsi eşidilir. Əncir ağacları tumurcuqlayır.. Üzüm tənəkləri çiçək açıb ətir yayır hər yana… Qalx, ey məhbubəm, Cəmiləm3, gəl… Ey qaya koğuşlarında, uçurumun gizli yerlərində yaşayan göyərçinim… Gəl üzünü görüm, səsini eşidim. Çünki səsin şirin, üzün gözəldir”.
“Dünən gecə az yatmışam. Məsələni hələ də həll edə bilməmişəm. Səkkiz ay əvvəl münasibətlərimizin dərinləşdiyi ilk anlarda sevdiyim rənglər haqqında danışarkən mən yaşılın adını çəkmişdim. “Yaşıl üçün mənim də ürəyim gedir”, – demişdi. Dünən mindiyimiz taksi təzə və gözəl idi. “Kaş ki rəngi yaşıl olmayaydı”, – dedi. Bənövşəyi rəngə nifrət etdiyimi də, gərək ki, xatırlayaydı. Soruşdum: “Bənövşəyi olsaydı, daha yaxşımı olacaqdı?” Tərəddüd etmədən cavab verdi: “Təbii ki…”
“Ya düz səkkiz ay əvvəl yalan söyləmişdi: hissimizin bir olduğu təsəvvürü yaratmaq üçün etmişdi… Ya da dünən yalan söyləyirdi. Hislərimizin bir-birindən qopduğunu hiss etdirib buna görə mənə əzab yaşatmaq üçün. Ya da, həqiqətən də, dəyişmişdi bu zaman ərzində. Birinci və ikinci ehtimal: fəttanlıqdır4. Üçüncü ehtimal isə üsyan. Dördüncü ehtimal yoxdur. Və ən dəhşətlisi də budur ki, bu ehtimalların hamısı pisdir. Eşq məni qarşısında axmaq yerinə qoyan bir səraba çevrilib. Ağlım istiqamətindən qüruruma sancdığı bu bıçağın ağrısı qoymadı ki gözümə yuxu getsin”.
***
“Fəttanlıq… fəttanlıq”…
***
“Bu sətirləri, bəlkə də, sənə göndərməyəcəyəm. Bilməni istədiyim həqiqət önündə məni güldürəcək qədər gəncsən, hər şeyi yanlış anlamağından qorxuram… Sənə içindəki şeytanı kəşf etdirdiyim anlar olur… Rəngarəng işıqlar önündə şeytan kimi qıvrıla-qıvrıla oynayan ifritənin bir bədəni, bir də azadlığının tarixi var…
Bədəni təbiətdir. Azadlığı isə orta əsrlər boyunca yüksək klanlardan gələn sərt təzyiqlərə və şirin təlqinlərə dörd-beş yüz ildən bəri baş qaldırmasıdır. Bu əxlaqsızlıq sənin də fəlakətli sonunu hazırlayır. Bunu sənə xəbər verməyə məcburam, lakin anlamayacaqsan”…
“Sənin üçün məsələ (C…) tayyöründə5 beldən ombaya qədər enən zərif cizgi ilə bağlıdır… Parçanı eyni dərziyə verdiyim zaman buna bir də kupu6 yaradanın şöhrət sirri də qarışır. Bax bu qədər… Şeytanın sənə heyrandır. Bəs mən?
Mən o cizgini dizlərinə, ayaqlarına qədər endirdikdən sonra, bəlkə, zəruri, lakin əskik təkamülün izləri ilə əvvəla beş əsr geriyə, sonra da beş əsr irəliyə doğru uzadıram. Geridə, işıq əsri hesab edilən bir yerdə doğuluşun başlanğıcında sənin sabahkı fəlakətini hazırlayan qaranlıq istiqamətin hərəkət nöqtələrini görürəm. Bu, mənəviyyatın indiki pozğunluğunu hazırlayan axmaq bir təbiətə dönüşün ilk çağlarıdır. Əsrlər sonra – bizim zamanlarda gecələri nura boyayan elektrikin ruhlarımızdakı qaranlığı artıracağını sezə bilməyən bir dövrün iməkləmə illərində bu cizgi hansısa məqsədə çatmaq deyil, qalxma nöqtəsini tapır.
Beş əsr sonraya gəlincə…”
***
“Nə qədər, nə qədər anası… O məşum irsiyyətin bütün xüsusiyyətləri onda davam edir. Koketriyi7 öldürməyən bir eşqin yetərsizliyi anasını məhv etdi… Qızının da axırına çıxacaq… Burnuma böyük fəlakətlərin qoxusu gəlir…”
***
“Dünən səhər yuxunu davam etdirdim. Bu, mənim ayıq halda Seminariyaya ilk gedişim idi… Yataq otağımın eyvanındakı şezlonqa uzanmışdım. Görünməz buludların toranlaşdırdığı bir payız axşamı idi… Çürümüş insan əti rəngində olan göy üzü altında ağac budaqlarının qara ucları zəif əsən küləyin təsiri ilə yırğalanırdı.
Gözlərimi yumdum. Yuxumu yadıma salmağa çalışdım. Özümü yelkənli bir gəmidə gördüm. Bələdçim də yanımda idi. İki tərəfi ağaclıq olan bir dərəyə girmişdik. Bu dəfə daha ağır-ağır irəliləyirdik. Suda və sahildə bizdən başqa heç kim, heç bir canlı məxluq yox idi. Yelkənli gəmimizin heç bir külək və hava cərəyanı olmadan irəliləməsinə heyrət edirdim. Suyu yaran gəminin çıxardığı səsdən başqa heç bir səs eşidilmirdi”.
“Bələdçimin üzünə hələ baxmamışdım. Qadın idimi, kişi idimi, bilmirdim. İçinə girdiyim yeni aləmə uyğunlaşma şərtlərinin səssizlik və hərəkətsizlik olduğunu hiss etdiyim üçün özümü yanımdakı bələdçidən, hətta ağlımdan belə əvvəl ürəyimdə doğulacaq ilhama təslim etmişdim. Hər iki tərəf sıx meşəlik idi. Gündüz olduğu halda havada əbədi bir səhər havası var idi. Ağacların qaraltıları arasında qəribə işıq halında anlaşılmaz işarələr görürdüm. Hava getdikcə açılmaqda idi… Uzaqda Semiranyanın yuxularıma girən limanı göründü. Sağ tərəfdə idi. Ondan əvvəl uzun bir sahil var idi. Lakin bomboş…”
“Bələdçimə baxdım. Qadın idi. Çaşdım. Çırıl-çıplaq dayanmışdı. Bir az diqqət etdiyim zaman əynində ayaqlarının ucuna qədər uzanan, dəri kimi bədəninə yapışmış, ipəkdən də incə, şəffaf və mavi bir don gördüm. Sanki sümüksüz idi… Zərif, uzun, bütün qıvraqlığı bəlli, görünməmiş bir plastikası olduğu hiss edilən, insanı bir baxışdanca heyran qoyan bədəni vardı… Üzündə örtüyə bənzəyən, hörümçək torundan daha incə duman təbəqəsi görünürdü. İri gözləri düz adamın ruhuna işləyirdi. Gözlərim ifadəli və kiçik ağzına ilişib qaldı. Elə bu vaxt sanki şimşək çaxdı… Kəskin bir işıq məni yerimdən sıçratdı. Limana doğru baxdım”.
“Yelkənli gəmi dayanmışdı. Bələdçim sanki nəfəs çəkirmiş kimi rahat eşidilən bir səslə mənə müraciət etdi:
– Diqqətli olun. Fizionomiyanızın və rəftarınızın yoxlanışı aparılır. Ruhunuzu oxuyurlar. Köhnə dünya hisslərinizdən xilas olun. Yoxsa qəbul edilməzsiniz”.
“Üzümə vuran işıq çox kəskin olduğu halda gözlərimi narahat etmirdi. Allaha yalvarıb məni utandırmamasını istədiyim an güclü bir işıq birdən-birə yox oldu, söndü. Bələdçim yoxlamanın bitdiyini xəbər verdi və dedi:
– İndi qarşıdakı böyük qüllədə işıq yanacaq. Qırmızıdırsa, rədd edildiniz. Yaşıldırsa, qəbul edildiniz.
Sakitcə və diqqətlə qülləyə baxdım. Məni utandırmasın deyə Allaha yenidən yalvardım. Nə qədər zaman…”
***
Bəsim hələ də oxuyurdu ki, birdən Məfharət bağırdı:
– Qatar gəlir!
Bəsim dəftəri bağladı, siyirməyə qoydu, qıfılladı və birlikdə otaqdan çıxdılar. Yemək otağının eyvanında oturdular.
Gözlərini baxça qapısından ayırmayan Məfharətin üzündə qəzəb və narahatlıq hiss edilirdi. Aydın görünürdü ki, söyləyəcəyi sözlərin hər kəlməsinə təxmin ediləcək qədər kəskin və açıq bir ifadə verəcək…
Bəsim onun hislərinə yeni bir istiqamət verə bilmək üçün saatına baxdı:
– Qatarın gəlməsinə hələ otuz beş dəqiqə var. Fit səsi səni aldatdı. Bir az da oxuya bilərdik. Ağlım Simeranyanın qülləsində qaldı. Ağabəyim bunlardan bizə heç danışmaz ki…
Məfharət böyük bir qəzəb hissini zəbt etməyə çalışdığı zaman etdiyi kimi dişlərini bir-birinə sıxaraq, kəlmələri bir-birinə dolaşdıra-dolaşdıra sürətlə:
– Ehtiyac yoxdur, – dedi, – mənim şübhəm qalmadı.
Simeranya qülləsində işığı gözləyən Bəsim fikri dağınıq olduğu üçün yanlış anladı:
– Hə! Çox şükür.
Məfharət böyük sinəsini silkələyən bir hərəkətlə yerindən sıçradı:
– Xeyr! Elə deyil! Şübhəmin doğru olduğuna şübhəm qalmadı.
– Dəftərdə heç bir ad yox idi axı…
– Buna ehtiyac varmı, yavrum? “Sezirlərmi”, – deyir, bizim haqqımızda danışarkən “Mən bu sirrin ağır yükünü daşıya bilmirəm”, – deyir. “Süfrədə sükutdan donuram”, – deyir. Hacət varmı başqa bir sözə? Hər şey açıq-aydın ortadadır da…
– Ağabəyim mən onu tanıdım-tanıyalı sirr dağarcığıdır… Sükut dondurmasıdır…
– Ay balam, elədirsə, nədən çəkinir? Səlmin haqqında dediyi kəlmələrə fikir vermədinmi? “Qarşısında dayanmaq mümkün olmayan cazibəsi”, – deyir.
– Doğrudur. Mən də güclə dayanıram…
– Bəs göy kostyum? (C…) dediyi Cahidə? Səlmin onun dərzisinə tikdirmədimi kostyumunu?
– Bütün “C” hərfi ilə başlayan adlar Cahidəsə və İstanbulda Cahidə ilə Səlmindən başqa kostyum geyinən qız yoxdursa, şübhələnməkdə haqlısan. Göy rəngi də sən uydurdun…
– Ay balam! Səfehləmə… Mənim haqqımda da danışır. Anası deyir.
– Anasından olan qız ancaq Səlmindirmi?
– “Eşqinin yetərsizliyi anasını əldən saldı”, – deyir. Bax o mən deyiləmmi? Ərimin tez ölməsinə eyham vurmurmu?
Bəsim yanaqlarını şişirdən səssiz bir qəhqəhənin havasını udduqdan sonra, səsində hiss olunmasından qorxduğu istehzanı şəfqət tonu ilə masqalayaraq cavab verdi:
– Ablacığım, ağabəyim şuxluğu öldürməyən bir eşqin yetərsizliyindən bəhs edir. Laroşfukoya8 görə eşqin nazı, yəni işvəbazlığı öldürməsi tələb olunur. Öldürməzsə, yarımçıq qalır və sevən qadını tərəddüdün daxili mücadiləsi ilə əldən salır. Əri vaxtından əvvəl ölən qadınlarda eşqin deyil, taleyin yetərsizliyi var. Əksinə, indi səninlə o qaranlıq sevgiliyə başqa bir ana axtarmalıyıq. Müəmmanı belə aydınlaşdıra bilərik.
– O ana mənəm. Əgər bu qız Səlmin deyilsə, bu köşkdəki payımı sənə verəcəyəm. Anladınmı? Səninlə belə bir mərc sözü də kəsə bilərik. Nədir, nə deyirsən? Bəhsə girirsənmi?
– Şinasi ötən gün öz qızı ilə altı il münasibətdə olub iki dənə də uşaq dünyaya gətirən sirli bir atanın məhkəmə işini apardığını söyləyirdi. Bu əcaib dünyamızda əxlaqın bu səviyyəyə düşdüyünü iddia etsək, o əsrarəngiz adama da, sənə də haqq verərdim. Lakin nəvələrinin həm atası, həm də babası olan orijinal adamın əsrarəngizliyi də, cəsarəti də ağabəyimdə yoxdur. Sevgisində, sadəcə, sirr var, başqa bir şey deyil… Sən Səlmini ona bu qədər münasib görürsənsə, deməliyəm ki, gecikmisən. O bəxtiyar adam hamıdan cəld davranıb… Hər kəsi qabaqlayıb…
Məfharət qarşısındakı masanın üstündən külqabını götürdü… Yuxarı qaldırdı, mərmər pilləkənlərə tolazlayacaqmış kimi havada silkələdi, lakin müəyyən bir tərəddüddən sonra təkrarən yerinə qoydu:
– Səninlə danışmaq mümkün deyil, – dedi.
Bəsim böyük bir təhlükə keçirmiş büllur qaba ürəyində “keçmiş olsun” dedikdən sonra mızıldandı:
– Amma mən səninlə də danışmasam, ya çatlayacağam, ya da Simeranyaya yollanacağam.
– Bəxtiyar adam dediyin kəs böyük qardaşımdır.
– Dəftərdə çox bədbəxt görünür…
– Vicdan əzabı çəkir.
– Mən vicdan əzabından əsər-əlamət belə görmədim. Düzdür, əzab çəkməyinə çəkir, amma səbəbi bəlli deyil. Həm də… Əzab çəkmək, ümumiyyətlə, onun təbiətindədir. Məsələn, mənim güldüyüm şeylərin hamısına o ağlayar. Yaşıl hekayəsinə çaşdım, bacı. Səkkiz ay əvvəl qız ona yaşılı sevdiyini söyləyib. Al bu da sənə səkkiz saatlıq yuxunun arasına girən bir məsələ… Ya o zaman yalan söyləyib, ya da indi. Belə çıxır ki, ağabəyimdən də, onun yaşılından da soyuyub. Başqa bir ehtimal varmı? Yox. Madam ki, yoxdur, deməli, yuxu da yoxdur. Yaşıllanmağın bu cürünü heç görməmişdim.
Kəskin bir qatar fitinin səsini eşidən kimi qulaq pərdəsinə iynə batmıştək yerindən sıçrayan Məfharət bağırdı:
– Budur bax, gəlir!
Bəsim bir daha saatına baxdı.
– Qatarın gəlməsinə hələ iyirmi beş dəqiqə var.
Məfharət yuxarı qalxan dirsəklərini aşağı endirdi. Üzü artıq bir gəlincik9 tarlası idi. Qıpqırmız qızarmışdı… Hətta o dərəcədə ki, bu qırmızılıq arasında dodaqlarının tünd boyası belə görünməz olumuşdu.
Məfharət birdən-birə iki əlini də Bəsimə doğru uzatdı:
– Bəs gəmi? – deyə bağırdı.
– Hansı gəmi? Bura Kadıköy deyil, Yaşılköydür. Bu saatda bura gəmi işləməz.
– Xeyr, dəftərdəki gəmini deyirəm.
– Hə!… Göyərtədə yanaq-yanağa dayanmışdılar. Orada mənim anladığım qədərilə eşqə bənzər nələrsə var, amma sonu yenə göz yaşı ilə bitir. Münasibətlərin, kövrəkliyin beləsini də heç sevmirəm…
Məfharət Bəsimin bir əlini havadaca qapdı və təkrarladı:
– Paroxod, paroxod! Keçən il Ağabəyim Səlminlə Adaya getməmişdimi? Son paroxodla dönmədilərmi?
– Düzdür, amma mən də onlarla birlikdə idim. Bunu yadından çıxarırsan axı…
– Sən gecə göyərtədə oturmazsan. Onlar isə oturublar.
– Xeyr, hamımız birlikdə aşağıda oturmuşduq.
– Səninlə danışmaq mümkün deyil.
– Elə deyirsən, amma yenə də danışırsan. Biz bir-birimizə möhtacıq, abla. Sənin qəzəbinə və mənim qəhqəhələrimə bu evdə məndən və səndən daha sağlam müştəri tapılmayacaq. Ağabəyim qaradinməzdir, danışmayacaq. Səlmin də bəxtiyar adam ilə başqa cür görüşür və bizim yanımızda ağzını açan deyil. Sən və mən bir-birimizlə kifayətlənməyə və bir-birimizə dözməyə məhkumuq.
Gözlərini bağça qapısından ayırmayan Məfharət soruşdu:
– Neçə dəqiqə var?
– İyirmi bir. Bu maraq nədəndir belə? Ağabəyim gəlsə, nə olacaq ki? Ondan soruşacaqsan yəni?
Məfharət çaşdı. Bu sual onun bayaqdan bəri duyduğu gözləmə həyəcanının səbəbsizliyini özünə də hiss etdirdi. Bəsimin üzünə baxa-baxa qaldı, sonra ayağa qalxdı.
– Mən o birini danışdıraram indi, – dedi.
Bəsim də ayağa qalxdı və onun hər iki qolundan yapışdı.
– Otur, abla. Üstünə getmə. İnadcıldır, bilirsən. Əyləş, Allah eşqinə. Məni dinlə. Əyləş!
Əyləşdilər.
Bəsim ablasına yenə də bir siqaret verdi.
– Taleyinin sükanı sənin əlindədir. Əmin ol! Onu dram istiqamətində sürmə. Bir az gülsənə!.. Vallah bu dünya buna dəyməz! Bax, həyəcandan üzün çuğundur turşusuna dönüb. Özün haqqında fikirləş. Canına yazığın gəlsin. Mən səndən bir şey soruşum: Səlminin qıvırcıq qızılı saçları olan körpə doğmasını xərçəng xəstəliyinə tutulmasından daha üstün hesab etməzmisən?
– Etmərəm. Bu cür uşaq doğmağı Allah heç qismət eləməsin.
– Allah qismət edibdir artıq. Qızılı saçlı körpə doğulacaq. Onu oxşamaqmı daha yaxşıdır, qəzəbindən çatlamaqmı, bunu sən seç… Ona münasib bir ata axtarmaq haqqında birlikdə fikirləşəkmi? Əhəmiyyət vermə. Bax, dinlə məni. Sənə bir əhvalat danışacağam.
Lakin danışmadı, susdu. İkisi də başlarını çevirdilər. Aydın bir əlinin baş barmağını gicgahına dayamış halda digər barmaqları ilə alnını ovuşduraraq yanlarından keçib getdi.
O dəqiqə ayağa qalxan Məfharət analıq hissinin verdiyi bir həyəcanla oğlunun arxasınca qaçdı və bağırdı:
– Nə var, nə olub sənə?
Uşağın üzü solğun idi.
– Başım ağrıyır. Çox ağrayır. Bir saat əvvəl iki aspirin atdım, amma xeyiri olmadı.
– Bəsdir daha işlədin.
– İmtahan sabahdır. Riyaziyyatdan…
– Bəsdir. Riyaziyyat qədər daş düşsün müəllimlərinin başına. Bəsdir. Öldürəcəklər səni.
Bəsim uşağa tərəf getdi.
– Mən də elə onu deyəcəkdi… Bu da sənin üçün bir problem olub da… Görəsən, riyaziyyat qədər daşın böyüklüyü, ölçüləri nə qədər ola bilər?
***
Takaş kababının önündə birdən-birə susan Bəsim pərəstiş hissi ilə dolu bir səssizlik içərisində idi. Ət və yuxa ağzında əriyərək başgicəlləndirici dərman halına gəldikdən sonra mədəsinə deyil, qəlbinə gedirmiş kimi ona böyük eşqlərin sərxoşluğunu bəşx edirdi. Xidmətçi onun önündə sarı xallı bəyazlıqdan başqa heç nə qalmadığını görüncə yemək dolu qabı sol çiyninin üstündən uzatdı. Qaşlarını çatan Bəsim üçün günün ən ciddi anlarından biri idi. Qabını yenidən ağızbaağız doldurduqdan sonra etiraf etdi:
– Mən bu kababa aşiqəm.
Çılpaq bir qadının üstünə sərilmiş atlas yorğan kimi kababların üstündə parlayan yuxanın kəhrəba sarısını iştahlı baxışlarla yaladıqdan sonra əlavə etdi:
– Dünyada bundan daha gerçək eşq yoxdur. Yerdə qalan hər şey ədəbiyyatdır.
Məfharət gözucu Səmimə baxırdı. Ağabəyi çox yorğun görünürdü. Zərif və tutqun üzündə qaşları, gözləri, ümumiyyətlə, bütün cizgiləri kədərli idi. Kölgələnmiş gözlərinin ağıllı parıltısı hiss edilmədiyi üçün onu yalnız geniş, gərgin, aydınlıq və möhtəşəm alnı çirkin görünməkdən xilas edirdi.
Məfharət bu dəfə də Səlminə tərəf baxdı. Qızının da gözləri Səmimə zillənmişdi. Lakin şübhə üçün əsas vermirdi. Bəsim danışdığı zaman bütün süfrənin diqqətini özünə çəkən Səmimin müxtəlif mənalar verən xəfif qımıldanışı və susqunluğu Məfharəti qardaşının sözlərindən daha çox düşündürürdü.
Aydın da ikidəbir gözlərini böyük dayısının üzünə dikir, diqqətlə qulaq asırdı. Lakin rəngi qaçmış üzündə hələ də ağrı çəkdiyi hiss edilirdi.
– Başın yenə də ağrayır? – anası soruşdu.
Aydın gözlərini qırpmaqla təsdiqlədi. Barmaqlarını alnına tərəf aparıb geri çəkdi.
Səmim də ona baxırdı.
Uşaq astadan, az qala, pıçıltı ilə:
– Çox ağrayır, – dedi.
Bir narahatlıq xərçəngi sərt cizgilərə çevrilərək qaniçən ayaqlarını Məfharətin üzünə sancdı. Səmim başını bir az uzadaraq Aydını süzürdü.
– Nə olub? Soyuq dəyib, bəlkə?
Bəsim isə bu arada xidmətçiyə tərəf dönüb:
– Bəlkə, bu səhərki zeytunlara bir dəvətnamə göndərək ki, süfrəyə buyursunlar, – dedi.
Məfharət ağabəyinə cavab verdi:
– Xeyr. Riyaziyyat imtahanına hazırlaşır. Dünən gecə gec yatıb. Səhər də tezdən qalxıb. Hələ də ara vermədən çalışır. İstəmirəm. Qoy sinifdə qalsın. Elə deyilmi, ağabəy? Sən də de, rica edirəm.
Səmimin kədərli səsi təsdiq etdi:
– Təbii. Riyaziyyat insanın sağlamlığı qədər vacib deyil. Hətta insanların yüzdən doxsanına heç lazım olmur.
Bəsim ablasına işarə edərək:
– Zeytunları həbsə məhkum etməyin zülümdür. Şkafın açarını verərsənmi? – soruşdu.
– Bəsim, çox xainsən.
– O zeytunlardan ikicə dənəsini yesin, baş ağrısından əsər-əlamət qalmayacaq…
– İndi zarafatın yeridirmi?
– Qaş-qabağını sallamaqla baş ağrısı müalicə edilirmi? Açarlar hardadır, söylə.
– Bufetin sol gözündə.
Bəsim Səmimə tərəf döndü:
– Mən də elə bunu deyirəm də… – dedi, – insanların yüzdə doxsan doqquzuna riyaziyyat ancaq alış-veriş edərkən lazım olur… Onun kimsəyə xeyiri yoxdur. Lakin nə çarə! Təhsil deyilən şey həyatımızda on beş ildən artıq davam edən xəstəlikdir və məktəbdən qaçmaqdan başqa əlacı yoxdur.
Məfharət yerindən qalxdı, oğluna yaxınlaşdı və əlini onun alnına qoydu.
– Qızdırman var elə bil. Qalx, uzan istəyirsən. Yemək də yemirsən. İştahan yoxdur. Sonra yeyərsən, qalx.
Ana-oğul otaqdan çıxdılar. Heç danışmayan Səlmin dalğın baxışlarla bir müddət Aydının ardınca baxdıqdan sonra mızıldandı:
– Dünən də rəngi boğulmuşdu elə bil.
Bəsim önünə qoyulan zeytun qabına barmağını uzadaraq saydı:
– Bir, iki, üç, dörd… On bir… İndi hamısını yeyərəm. On birdən on çıxsan, sıfır qalar. Mənə elə bu qədər hesablama yetər.
Səmim qarşısına baxırdı. Birdən-birə yeməyi saxlayıb siqaret yandırdı. Səlmin də iştahsız idi.
Bir az sonra Məfharət gəldi və xəbər verdi: Aydının qızdırması 36, 8-dir.
– Çox qorxuram, – dedi. – İbrahim bəyin qızı beləcə miningit olmuşdu… Yəni… İmtahana çalışarkən.
Bəsim ağabəyinə baxdı:
– Semiranyada da məktəblər belədirmi?
Səmim ayağa qalxdı, eyvana tərəf iki addım atdı və baxçaya baxaraq cavab verdi:
– Orada məktəb yoxdur.
– Nədir, insanlar analarından alimmi doğulurlar?
Səmim qardaşına tərəf çevrildi və gülümsədi. Əlləri pencəyinin cibində idi. Süst halda dayanmışdı… Başı yüngülcə önə və sola doğru əyilmişdi. Ala gözlərinin şübhə və diqqət qarışıq cəsur, qürurlu baxışı incə dodaqlarının ətrafındakı şirin gülüşün verdiyi təvazökarlı hissini bir az da yumşaltmışdı. Onun istənilən şeyi başa salmağa razı olduğunı hiss etdirən bu halı insanda maraq oyadır və yaranmış səssizlik içərisində bütün diqqətləri öz üzərinə çəkirdi.
Qəhqəhə çəkib başını buladıqdan sonra, nəhayət ki, cavab verdi:
– Simeranyada hər səviyyədən olan insanlar üçün oxu salonları, laboratoriyalar, atelyelər, musiqi, teatr, kino və idman evləri var. İnsanlar hər yaşda bu cür məşğuliyyətləri davam etdirə bilirlər. Maraqlandıqları mövzu ilə bağlı özləri etüd hazırlayır və bunu öyrənirlər. Uşaqlar və gənclərə araşdırma metodlarını tədris edən bələdçi-müəllimlər var. Bunların vəzifələri öyrətmək deyil, öyrənmənin yolunu göstərməkdir. Çünki Simeranya pedaqogikası insanın bütün həyatı boyu öyrəndiyi şeyləri ancaq özü istədiyi zaman və öz tədqiqatları nəticəsində mənimsədiyini bilir. Köhnə dünyada, yəni Simeranyaya görə bugünkü dünyamızda məktəblərdə uşaqlara və yeniyetmələrə öyrədilən şeylərin müəyyən edilmiş qabiliyyət və ehtiyacları təmin etmədikcə həyatda heç bir işə yaramadığı başa düşülüb. Orada klassik məktəbdən əsər qalmayıb. Sinif, kürsü, dərs proqramı, nitq söyləyirmiş kimi dərs keçən müəllim və professorlar yoxdur. Diplom verilmir.
Bəsim bağırdı:
– Bravo! Lakin bunlar bizim dünyamız üçün qeyri-adi nəzəriyyələr deyil. Russodan bəri bütün yeni düşüncə sahibləri belə deyirlər də…
– Burada nəzəriyyə olan şey orada artıq həyata keçib.
Məfharət soruşdu:
– Necə olur axı, başa düşə bilmirəm. Sinifsiz, dərssiz, diplomsuz…
Böyük qardaşının yerinə Bəsim cavab verdi:
– Kifayət qədər bəsit məsələdir. İş həyatından daha böyük məktəb, təcrübədən daha böyük dərs, ehtiyacdan daha böyük müəllim, maraqdan daha böyük ustad, müvəffəqiyyətdən daha böyük diplom olarmı? Dünyanın və Türkiyənin indiki zamanda heç bir böyük zəngin adamı Ticarət Məktəbinin məzunu olmayıb. Bəziləri yazıb-oxumağı belə bilmirlər. Məşhur Amerika milyarderlərindən kimisi kundura rəngsazı, kimisi mağaza süpürgəçisi, kimisi də poçtalyon idi. Bizim Qaramanlı milyonerlərinin arasında ilk məktəb təhsili görən neçə adam var? Bir fikirləş… Sizə dünyaca məşhur bir yəhudi zəngini ilə bağlı əhvalatı danışmamışammı? Amerikada, anadan olduğu gün onun şərəfinə verilən ziyafətdə həmin bu milyoner ona vurulan təbrik teleqramını katibəsinə oxutdurarkən dəvət olunanlar qarşısında etiraf edir ki, oxumağı bilmir. Orada olanlar arasında Amerika sənayeçilərindən biri soruşur:
– Oxumaq bilməsəniz də, bu qədər uğur qazanmısınız… Əgər bilsəydiniz, görün necə olardı?!..
Yəhudi zəngin gəncliyində işsiz qaldığı haqda danışır. Tövsiyə məktubu əldə edib hamamxanaya üz tutduğunu, lakin oxumaq bilmədiyi üçün orada boş olan iş yerinə – katibliyə təyin olunmadığını da dedikdən sonra:
– Oxumaq bilsəydim, indi, aranızda olmaq şərəfinə nail olmazdım. Çünki hələ də hamamxanada katib işləyirdim! – deyir.
Bəsim ablasına doğru bir addım ataraq əlavə etdi:
– Bizim kimi miras sahibi olanlar üçün oxumaq bacarığı gecələr kitab mütaliə etmək, gündüzlər isə boşboğazlıq edərək özünü ağıllı göstərmək üçün lazımdır. Lakin yoxsulların bütün fəlakətləri əlifbadan başlayır.
Səlmin böyük dayısına baxdı. Səmim qıza tərəf çevrildi:
– Məncə, əsas məsələ mədəniyyət və ixtisasla bağlı bütün məlumatları ehtiyac və istedada görə hazırlamağın yolunu insana göstərməkdir. Bunun bütün mövcud vasitələrini ona təqdim etməkdir. Tədris proqramlarının əzici yükü altında əldən düşən uşaqların fərqli ehtiyac və istedada sahib olduqları nəzərə alınmalıdır. Tələbə dərs hazırlamaqdan və imtahana hazırlaşmaqdan öz şəxsi araşdırmalarına vaxt və enerji ayıra bilmir. Halbki ona əsl mədəniyyəti də, məsləklə bağlı məlumatları da bu şəxsi araşdırmalar verə bilər.
Məfharət soruşdu:
– Kiçik yaşlarda da mı?
– Təbii ki… Ömrü ən uzun olan vərdişlər elə kiçik yaşlardan başlayır da… Uşaq ikən Qalatada ayağıyalın dolaşıb siqaret satan Səfəroğlunun sonradan varlı sahibkarlar cərgəsinə qatılmasının səbəbi istehlakçının ehtiyaclarını hələ uşaq yaşlarından müşahidə etməyi öyrənməsindədir… O elə həmin illərdə bu ehtiyacları təmin etmək haqqında düşünməyə başlayıb. Məktəbə getsəydi, bu təcrübə və müşahidələrin hamısından məhrum qalardı.
Səlmin soruşdu:
– Bu məsəlı Simeranyada necə həll edilir bəs?
– Uşaqlar və gənclər istedadlarına görə günortadan sonra ayrı-ayrı məslək şöbələrində təcrübə keçirlər. Parazit deyillər. Böyüklərə yardım edir və köməkçi kimi çalışaraq öyrənə bildikləri qədər öyrənirlər.
– Sonrada istedadlarının istiqaməti dəyişsə, necə?
– O zaman peşələrini, ixtisaslarını dəyişmək onların haqqı olacaq… Bu istedadları təyin edən mükəmməl testlər var. Amma bundan daha çox onların iş həyatlarındakı davranışlarına diqqət edilir. Günortaya qədər və əgər istəyərlərsə, gecələr belə nəzəri araşdırmalar, tədqiqatlar apara bilərlər. Lakin bu işlərdə məcburiyyət yoxdur. Çünki o ölkədə insan hansısa bir maşın-adam, ya da avtomat deyil. Qabiliyyətini sərbəst şəkildə inkişaf etdirməsinə hər yaşda və hər məsləkdə imkan verilən mənəviyyat adamıdır. Şəxsiyyətdir.
Səmim diqqətlə qardaşına baxaraq sözünə davam etdi:
– Bəsimin dediyi doğrudur. Mən yeni heç bir şey söyləmirəm. Çünki bizim müasir tərbiyəçilərin hamısı da eyni qənaətdədirlər. Lakin köhnə dünyamızda köhnə məktəb konsepsiyası hələ də yaşamaqdadır. Bütün bu sosial struktur dəyişmədikcə yeni pedaqoji fikilərin tətbiq sahəsi tapılmayacaq. Russodan Kerşenş Teynerə, Con Dyuiyə qədər bütün pedaqoqların iki əsrə yaxındır ki davam edən çabaları mənasız olub. İnsanın özünün özü haqqında təhrif edilmiş konsepsiyasını dəyişdirən bir dünyaya möhtac qalmışıq. Dyui nə deyir? “Məktəb kitabları və dərsləri bizə başqalarının bilgilərini və kəşflərini göstərir… Guya bilgiyə doğru bizi ən qısa yoldan aparır. Həqiqətdə isə bu təhsil üsulu gerçəkləri və fikirləri anlatmaq əvəzinə bizə hazır məlumatları əzbərləməkdən başqa bir şey olmayan tutuquşuluq öyrədir”.
Uşaq zəkasının proqramlardakı süni təsniflərə və bölümlərə zidd inkişaf kursu izlədiyi məlum olduqdan sonra bugünkü məktəblərin zəka qəssabxanası olduğu artıq anlaşılıb. Lakin ideal təhsil…
Səmim gülümsədi və Bəsim bağıraraq sözünü tamamladı:
– Xeyr, – dedi, – əsl təhsil oradadır… Bax o zaman sən Talaş kababına aşiq olmaqdan qurtulardın. Çünki orada ikidəbir dəyişən təhsil sistemindən çox plovu ilə məşhur olan bir məktəbdə oxumaq məcburiyyətində qalmayacaqsann. Həzm şirəsini ikidə bir coşduran təsirlərdən uzaq yaşayacaqsan və mənəvi dünyan daha çox formalaşacaq. Köhnə dünyamızın bütün yeni tərbiyəçiləri bu səmimi, bu gerçək və yüksək mədəniyyəti bugünkü məktəblərin verə bilməyəcəyi məsələsində həmfikirdirlər. Çünki hamısında təhsil basqı, zorlama, heyvan yetişdirmə və insanları ağızlarına qədər doldurma üsuludur. Sənin kimi ağıllı insanlar belə talaş kababına qarşı hiss edilən eşqdən daha gerçək bir sevgi olmadığına inanıblar. Lakin bəziləri hələ də bunun fərqində belə deyillər. Sən isə bildiyin və etiraf etdiyin üçün çox sevimlisən.
Bəsim udqundu və ağzını marçıldada-marçıldada cavab verdi:
– Vallah, abi, haqqın var. Düşüncələrinin ikisi də doğrudur. Mən bir sevimli heyvanam və bugünkü talaş kababı əsl möcüzə idi.
Məfharət Aydının necə olduğunu yoxlamaq üçün otaqdan çıxmaq istəyirdi. Lakin iki qardaş arasındakı bu münaqişəni hər zaman görmək mümkün olmadığı üçün oradan ayrıla bilmirdi.
Səmim kresloda oturmuşdu. Bəsim isə əli ilə qarnını sığallaya-sığallaya daxilindəki həzmsizliyin keçməsinə çalışırdı. İkisinin də üzündən yorğunluq yağdığını görən Məfharət:
– Dayanın, – dedi, – gedim Aydına bir baxım, gəlirəm. Söhbətiniz çox maraqlıdır. Mən gələnə qədər heç nə danışmayın.
Ablası çıxan kimi Bəsim Səmimə yaxınlaşdı. Dizlərinin üstündə qoyduğu bir jurnalı vərəqləyən Səlminə gözucu nəzər yetirdikdən sonra pıçıltı ilə soruşdu:
– Öz aramızda qalsın, amma… Sən hələ də platonik eşqə inanırsanmı?
Səmim, ola bilsin ki, bu sualı eşitdiyi, ya da sezdiyi üçün dizlərinin üstündəki jurnalı yerə ataraq səssiz və sürətli addımlarla yaxınlaşan Səlminə baxdı və cavab verdi:
– Platonik dedikdə nəyi nəzərdə tutduğunu bilmirəm, lakin cinsi təbiətimizi aşağıda və uzaqda qoyan yüksək mənəvi dəyərlər sistemi içində bir eşq olduğuna inanmıram. Nə cinsiyyət, nə mənfəət, nə də qürur ilə əlaqələndirilməsi mümkün olmayan bir eşq…
Bəsimin heyrəti təbii idi.
– Qəribıdir, – dedi, – ikimizin də bədən quruluşlarımız fərqli olduğu üçündürmü, ya nədir, bilmirəm… Amma mən başımı nə qədər işlətməyə çalışsam da, yenə də heç cürə sənin kimi düşünə bilmirəm.
– Bəlkə, iki ay ərzində ciddi bir pəhrizə riayət edəsən? Bax o zaman eşq haqqındakı fikirlərin dəyişər…
– Heç zənn etmirəm… Amma düzünü deyim ki, getdikcə yeməklərə qarşı məhəbbətimin artmasından qorxuram. Pəhriz bu eşqi ancaq gücləndirə bilər…
– İlk vaxtlar üçün, bəlkə də, belədir. Lakin az yeməyin bədənə verdiyi yüngüllük, ağıla verdiyi çeviklik və dərinlik səndə zövqlərin məhvərini dəyişdirə bilər… Bax bu mümkündür.
Bəsim belə bir inqilabın baş verməsində maraqlı olmadığını söyləyəcəkdi… Lakin birdən-birə bacısının qulaqlarını cırmaqlayan səsini eşitdi və yerindən sıçradı. Qadın bağırırdı:
– Yatır, yatır, çox dərman içib, ona görə… Halı heç xoşuma gəlmir. Yuxuda diksinir. Qaşları çatılıb, üzünü də büzüşdürüb.
Ablasına sözlərinin mənasından daha çox tonu ilə sükut təlqin etmək istəyən Səmim şəfqətlə dolu asta bir səslə:
– Qoy yatsın bir az, – dedi, – axşamtərəfi bu barədə düşünərik.
Məfharət Bəsimə, sonra Səlminə baxdı, qızının Səmimdən ayrılmayan düşüncəli gözlərində şübhəyə, qəzəbə, marağa bənzəyən qəribə ifadələr uçuşurdu. Anası ondan gözlərini ayırmırdı. Səlmin isə ona diqqət edildiyinin fərqinə varmayacaq qədər dalğın idi. Bəlkə, bir qədər əvvəl haqqında danışılan məsələləri də eşitməmişdi?! Kipriklərini ağır-ağır qırpılırdı.
Səmimə yaxınlaşdı və dayandı. Oyanmaq istəyirmiş kimi başını silkələdikdən sonra anasına tərəf baxdı və Səmimdən soruşdu:
– Dayı, dünən gecə harada idiniz?
Bu sual Məfharətin bir saatdan bəri başqa məsələlər arasında yatıb qalmış şübhəsinə xəncər kimi saplandı. Qadın yerində sıçradı və Bəsimə baxdı. Qardaşı da heyrətlə qaşlarını yuxarı qaldıraraq yanakı-yanakı Səlmini süzdükdən sonra böyük qardaşının cavabını gözləməyə başladı.
Səmimin dodaqları sanki kilidlənmişdi və dodaqlarının hər iki tərəfində həyəcanı geriqovan enerjinin təsiri görünüb yox olurdu… Öz məhrəmliyinə qarşı bu təcavüzün Səlmin tərəfindən edilməsinə heyrətlənmək əvəzinə Səmimin həddindən artıq sıxılması Bəsimin də şübhəsini artırdı. Məfharətin qardaşı heyrətini gizlətmək üçün gözlərini bir nöqtəyə dikərək qarşısına baxırdı: “deyəsən, köşkdəki payımı itirəcəyəm”.
Səmim qıza cavab vermədi. Astaca yerindən qalxdı və baxçaya tərəf getdi. Üzü qıpqırmızı qızaran Məfharət Səliminin qolundan yapışdı:
– Bir az mənimlə gəlsənə sən! – dedi.
Qızın da üzü qızarmış, çiyinləri birdən-birə boşalaraq aşağı sallanmışdı. Onun müqaviməti uzun müddət davam etmədi. Anasının əlindəki enerji qalib gəldiyi üçün arxasınca düşüb böyük salona keçdi. Bəsim də ablasının canavarlaşdığını görüncə onların dalınca getməyə cəsarət edə bilmədi.
Ana-qız böyük salona getdilər. Məfharət pəncərəyə ən yaxın olan kreslolara qədər irəlilədi və qızına işığın qarşısındakı yeri göstərdi:
– Otur bura görüm!
Səlmin ağır-ağır üsyandan itaətə keçdiyini bəlli edən bir silkələnmədən sonra, nəhayət ki, əyləşdi. Anası da oturdu. Bədəni tir-tir əsirdi. Bağırmaq istəyində olduğu halda səsini alçaldaraq boğula-boğula:
– Bilirsən, – dedi, – mənim anam da, atam da albandırlar. Yanyada bir gün anam bacımı boğurdu. Danışmışam da sənə neçə dəfə… Mən qurtardım qızı onun əlindən. Əslində, o zaman belə bir ağır məsələ də yox idi. Rəsmi dairələrdə yazışmaları qeydə alan bir katib vardı… Bacım onunla sevişir deyə dedi-qodu çıxmışdı. Bax biz belə tərbiyə almışıq. Üzümə bax… Görürsən, qıpqırmız qızarmışam? Təzyiqim, kim bilir, nə qədər yüksəlib… Bir yerimə vuracaq… Vallah əlimdən bir qəza çıxacaq. Səlmin, halım çox pisdir. Bir gecə yuxuda ikən qanını tökərəm sənin. İnan mənə… Çox pisəm. Mənimlə açıq danışacaqsan. Başa düşdünmü? Çox açıq.
Məfharət qızına baxdı. Səlminin çənəsi inadı tutduğu zamanlarda olduğu kimi boynunun ətini qabardacaq qədər geri çəkilmişdi. Görünməyəcək qədər nazilən dodaqlarının ucunda iki çökəklik yanlara doğru uzanaraq ağzını daha da böyük göstərirdi… Qaşları çatılmışdı… Gözləri donuq-donuq baxırdı.
Qəzəbinin son həddinə çatan Məfharət dişlərinin arasından:
– Cavab versənə, – deyə fısıldadı.
Səlmin əvvəlcə zərif bir hərəkətlə başını arxaya doğru atdı, sonra dodaqlarını irəli uzadaraq büzdü:
– Belə danışacaqsansa, cavab verməyəcəyəm.
Məfharət səsini yüksəltdi:
– Necə danışmalıyam bəs? Desənə mənə…
Səlmin cavab vermədi.
Anası iki yumruğunu da sıxaraq yuxarı qaldırdı və ona doğru əyildi:
– Söyləyəcəksən mənə, eşidirsənmi? Deyəcəksən! Boğaram səni, anlayırsanmı? Vallah, boğaram. Özümü də quyuya ataram sonra. Söyləyəcəksən.
Səlmin başınını önünə əyərək ayağının altındakı səccadəyə sual verirmiş kimi:
– Nə söyləyəcəyəm? – soruşdu.
Anası qəzəbli üzünü ona bir az da yaxınlaşdırıb güclə eşidiləcək qədər boğulmuş səslə soruşdu:
– Nə zamandan bəridir bu? Nə zaman fərqinə vardın?
– İki ay əvvəl.
Məfharət böyük bir heyrət içərisində geri çəkildi:
– İki ay?! Bir az gözlədim ki, bəlkə, səhv edirəm… Saniyənin ablasının yanına getdim… O da gözləməyimi tövsiyə etdi.
– Şükriyyə həkimin yanınamı? Ay indi ağlımı itirəcəyəm! O bilirmi yəni?
– Bilir.
Məfharət ağır bədənini hansı tərəfə yıxmaq istədiyini bilmirmiş kimi bir az çırpındıqdan sonra təkrarladı:
– Ağlımı itirəcəyəm!
Səlmin isə heç yerindən qımıldanmır, boğuq səslə asta-asta danışırdı:
– Keçən həftə müayinə etdi. Artıq şübhə yeri yoxdur. Yəni dəqiqdir…
Məfharət iki əlinin də baş və işarə barmaqlarını əqrəb qısqacları kimi qıvıraraq Səlminin boğazına doğru uzatdı:
– De, tez ol de görüm, kimdəndir?
Qız çevik bir hərəkətlə yerindən sıçradı və ayağa qalxdı… Bu təzyiqdən gərginləşdiyi üçün yumruqlarını sıxıb irəli uzadaraq bağırdı:
– Onu heç vaxt öyrənə bilməyəcəksən! Eşidirsən? Heç vaxt!
Anası da yerindən qalxacaqdı… Hətta dikəldi də… Amma rəngi sapsarı saraldı və yenidən kresloya çökdü.
Salondan çıxan Səlmin yemək otağına keçdi, aynabəndin qapısında söhbət edən dayılarına yaxınlaşaraq:
– Anam salonda özündən getdi, – dedi və bağçaya doğru enən pilləkənlərlə ağır-ağır aşağı düşməyə başladı.
***
– Abla, ablacığım, görürsən, həyatın təhlükə altındadır. Beyninə qan sıza bilər, ürəyin dayana bilər, hər şey ola bilər. Ürəyin getmişdi… Hələlik təhlükə keçdi. Qan beynindən çəkildi. Üzünün rəngi yavaş-yavaş yerinə gəlir. Bayaq yemək otağında qıpqırmızı qızarmışdın. Vallah, qorxdum, arxanca gələ də bilmədim. Bu qədər qanqaraçılığa, əsəbə dəyməz axı. Bu dünya belədir də… Qəbul edəcəksən… Başqa çarə yoxdur. Bu qarışıq iş də düzələcək, amma bir tərəfli iflic keçirsən, o düzələn deyil. Səbirli olmaq lazımdır, abla. Bir dərindən nəfəs al görüm… Oooooh… Ürəyini buz kimi saxla… Hər şey düzələcək… Düzəlməlidir də. Söz verirəm sənə. Görəcəksən, şübhələrin mənasızdır. Bax, abim yenicə tikdirdiyi kostyumu geyinib getdi. Səlmin isə öz otağındadır… Dalınca getmədi ki… Bu məqamlara diqqət yetirsənə… Nə olub? “Dünən gecə harada idiniz”, – deyə soruşduğu üçün hər şeydən şübhə edirsənsə, bu dünya sənin üçün cəhənnəmə dönər. Əgər elə də olsa, yenə də qəbul et. Qəbul et, o zaman rahatlaşacaqsan. Bu qız, əlbəttə ki, nələrsə fikirləşir. Uşaq deyil o… Özünə nə qədər hakim ola bilir, necə təmkinlidir, hamımız şahidik. Onun ağlına şübhənmi var sənin? Cin kimidir, maşallah… Fikir versənə bir… Ətrafda kimsənin xəbər tutmasına imkan verməz, narahat olma. Amma sən bu cür hay-həşir salsan, özündən getsən, əvvəlcə elə evin içindəkilər xəbər tutacaqlar… Hasibə nə olduğunu başa düşsə, bəsdir də… Ondan sonra bütün qonum-qonşu, bütün qəsəbə, bütün ətraf, hətta bütün İstanbul eşidəcək. Radio dalğası kimi olma. Bu dünya o tez-tez qoxladığın limon var ha – ona bənzəyir. Yuvarlaq və turş… Çox sıxmaq olmaz, dadı qaçar. Ya da… Şəkər qarışdırmaq lazımdır. Oğlana görə də üzülmə. Abim İstanbuldan qayıdanda kənddən Səbri həkimi də götürüb gələcək. Ağlına o dəqiqə pis şeylər gətirmə. Miningit belə başlamır… Bu xəstəlik elədir ki, xəstənin gözləri işığa baxa bilməyəcək vəziyyətə düşür. Nasazlıq daha çox olur. Baş ağrısı göz açmasına aman vermir… Adamı qışqırdır… Əla! Bax, rəngin artıq özünə qayıdır. İstəyirsənsə, qalx, yenə gedək abimin dəftərini qarışdıraq. Bu dəfə vaxtımız çoxdur. Simeranyada bir az dolaşıb hava alarıq.
***
“Nə qədər zaman keçdi, bilmirəm. Qüllədə yaşıl işıq yandı və qısa bir müddət ərzində yelkənlimiz sahilə yaxınlaşdı. Burada bina əvəzinə hava meydanı kimi geniş bir sahə vardı. Yer asfaltdan daha hamar, kauçuk kimi yumşaq bir maddədən idi. Yenicə ütülənmiş yataq örtüyü kimi səliqəli və təmiz… Bələdçimizin hissli və yerə hər toxunuşunu zərif qıvrılmalarla bəlli edən çılpaq ayaqları bir rəqsin yaşatdığı nəşə içərisində…”
***
“Eşqdən başqa hədəf arayan bir sevginin, əslində, özünə xəyanət etdiyini ona başa sala bilmirəm. Onun bu inadı öz zəifliklərinə qarşı qaldırdığı üsyanın bəhanəsinə bənzəyir. Əgər belə deyilsə, başqa birinin xəyalı və ya reallığı ilə mənim aramda yaşadığı tərəddüd hissinin üstünə çökmüş qalın bir duman pərdəsidir… Bu məqamda danışmır. Əgər belə bir tərəddüdü yoxdursa, deməli, büründüyü bu sirr pərdəsi altında öz hüdudsuzluğunu xəyalət halına gətirmək istəyir”.
***
– Bəsim, bu hissələrini oxuma. Bir hadisə, bir ad, bir dəqiq şey yoxdurmu, onu axtar.
– Dayan bir, abla. Tələsdirmə məni. Vaxtımız çoxdur. Tarix də qoymayıb.
***
“Ən çox düşündüyümüz kəlməni bizi ən az işlətməyə məcbur edən qürurumuzu aldatmaq üçün sevmək felinə sözdən başqa ifadə şəkilləri axtararıq. Məsələn, dünən o, stol arxasında yerlərimizi dəyişdirməyimizi istədi. Başqa bir stol arxasında oturmuş gözəl bir qadının tam qarşımda, mənimlə üz-üzə oturmasına dözə bilməyəcəyini hiss etdirdi. Mənsə onun başının ağrısını keçirmək üçün aspirin almaq məqsədilə qarsonu yollamaq mümkün olduğu halda aptekə şəxsən özüm gedib gəldim”.
“Gözləri, gözləri… Onu anadan olduğu gündən mənə sıx-sıx bağlayan, ən yaxın qohumdan belə daha yaxın adam münasibətini qat-qat aşıb keçən və ruhlarımızın doğmalığı hissini bir andaca oyandıran baxışlarında özümü nə qədər də tez-tez axtarıb tapıram. Onun varlığını mənim var olmamın əsas şərti halına gətirən bu ayrılıq duyğusunda görmə təəssüratıtək mərkəzdə birləşən iki gözün bir-birinə bərabər olmasına bənzəyən funksiya birliyi var”.
***
Məfharət dəftərin üstünə doğru əyilərək bağırdı:
– Gördünmü, Bəsim? Anladınmı indi? “Ən yaxın qohum”, – deyir.
– Xeyr, abla. Bu, bir bənzətmədir. “Ən yaxın qohumdan daha yaxın”, ֪– yazıb. Bu, bir ifadə şəklidir.
– Yox, deyil. Məsələ tam aydındır. Oxu. Bir az da oxu, görəcəksən.
***
“Anadan olduğu gecəni xatırlayıram. Telefonla xəbər verdilər… Hələ telefon dəstəyini yerinə qoymağa imkan tapmadan dəli bir şübhə dənizi dalğalanaraq otağıma soxuldu və məni öz ağuşuna aldı. “Ola bilməz, – dedim, – ola bilməz!” Anasının etirafları belə məni inandıra bilmirdi! Ola bilməz!”
***
– Gördünmü, Bəsim? Necədir, xatırlayırsanmı? Mən xəstəxanada doğdum Səlmini… Abim isə evdə idi. Ona zəng edib xəbər verdilər.
– Amma o bir etirafdan bəhs edir. Səndə belə bir etiraf olmuşdumu?
– Canım, o sözgəlişi deyilmiş sözlərdir. Nə demək istəyir ki? Başa düşülmür. Oxu görək. Oxu anlayacağıq. Vallah mənim haqqımda danışır.
***
“Hər zaman, hər zaman məni utandıran yaş fərqinin mövcud deyilmiş kimi əhəmiyyətsiz olduğunu söyləyərək nəzakətli olmağa çalışdı… Yalnız bu nöqtədə zalım deyil o. Bu utancımın ümidim üçün bir təhlükə olduğunu bilir və onu azaltmağa çalışır”.
“Görüşümüzə hər gəlişində bir yığın qəribə hərəkətlər edir… Görüş dəqiqələri yaxınlaşdığı zaman tutqun salonda gözlərim giriş qapısının yaylı qanadları üzərində parlayan buzlu şüşələrə dikilib qalır. Küçədə gəzənlərin kölgələri bu şüşələrin üzərində uzanıb-qısalmaqdadır. İçəri girən adamın kölgəsi getdikcə böyüyərək, sonra da yavaş-yavaş öz əslinə bənzəyərək yaxınlaşır. O deyil! Fəqət səhv etmiş olmaq ehtimalının yalvarışı içərisində birdən-birə açılan qapıya tərəf baxıram: yenə də o deyil! Gözlərim buzlu şüşələrin üstündədəki yuxu kimi təsvirlərə dalıb gedir. Donuq parıltılar, tutqun şəkillər, qeyri-müəyyən işartılar bir-biri ilə qovuşur… Uzun, uzun, çox uzun zaman keçir… Əslində, bəlkə də, bir neçə saniyədir… Lakin saatlar qədər uzanır. Saysız-hesabsız ola biləcək sürprizləri ilə görünüb yox olan kölgələrin heç biri yaranma və dağılma anlarında onun şəklini yarada biləcək bənzərliklər daşımır… Bu kölgə də o deyil… Qapı açılır, bağlanır… Qadınlar, qəhqəhələr, qarsonlar bir-birinin ardınca içəri girib-çıxırlar. Mən böyük salonun qaranlıq bir küncündə hər görünən adamın bağışladığı xəyal qırıqlığını getdikcə daha sürətlə döyünən qəlbimdə həzm etməyə çalışaraq gözləyirəm… Gözlərimi buz tutmuş şüşələrdən çəkmirəm. Uzun, uzun, çox uzun anlar bir-birini əvəz edir. Saata baxır, ayağa qalxıram. On dəqiqə də keçdi. Gəlməməsi ehtimalına haqq qazandıra biləcək bütün fəlakətləri ağlıma gətirsəm də, gecikməsini təbii göstərə biləcək bəhanələrin heç biri qorxunc reallığı izah edə bilmir. Onun gəlməsindən başqa mənə şəfa verəcək heç bir şey yoxdur. Gəlməzsə, yer üzündə mənim başımı qata biləcək heç bir gözəl, canlı və maraqlı hadisə ağlıma gəlmir… Bu ümidsizlik dəhşəti içərisində yerimdə əyləşir, gözlərimi buz tutmuş şüşələrin yarıqaranlıq fonunda oynaşan tale parıltılarına dikirəm”.
“Nəhayət, budur, o… Onun kölgəsi… Heç aldanmadım indiyə qədər… Yenə də yanılmamışam… Şüşənin üstünə düşək əksi böyüməyə başlayır. Odur… Bu dəfə mütləq odur. Lakin gözlərimin gördüyü rahatlığa mənən də qovuşmaq üçün qapının heç bir hərəkətini gözdən qoymamağa çalışıram. Əvvəlcə, kiçik bir aralıq açılır… Sonra onun əli, biləyi və mavi geyiminin qolu görünür. Yerimə mıxlanıb qalmışam. O mənim görüş bucağıma daxil olan kimi məkanın içərisində açıq-aydın görünür… Necə əzəmətli olduğunu ona sezdirib qürurunu yolundan azdırmamaq üçün ruhumun kəpənəklərini sakitləşdirib yerə endirirəm: qarşıma baxıram. Ancaq yaxınlaşdığı zaman başımı qaldırıram. O mənim üzümə deyil, heç bir şey görmürmüş, ən əsası, məni görmürmüş kimi sağ və sol tərəfə baxmaqdadır. Özümdə təbii olduğunu düşündüyüm hiss coşqunluğunun onda olduğunu bilsəm, bunu ona bağışlamaram. Çünki görüş anının ən böyük ümidlər və qorxularla dolu olan həyəcanı onun üzündən mənim üstümə bir eşq şəlaləsi kimi tökülməlidir.
Lakin üzü nə qədər donuqdur. Sanki onu istəyinin əksinə gedərək tale özü itələyib mənim yanıma gətirmişdi. Addımlarında nə qədər ağırlıq var!.. Hər an geri çevrilib çıxıb gedəcəkmiş kimi bir təəssürat yaradan bu istəksizlikdə, bəlkə də, iradəsini əldən salan bir zəhmət, gizli tutulan müdhiş bir həyəcan gizlənib… Lakin bu “bəlkə”lər o anın sevincini bulandıran, ona kölgə salan qorxunc etibarsızlıqdan başqa bir şey deyil…
Yaxınlaşır. Yerimdən qalxıram. Başını aşağı salaraq, gözlərini qarşısına dikərək əyləşir. Baxışlarım ona zillənib. Bu fərq iki cinsin təbiəti, yoxsa hislərimizin dərəcəsi ilə bağlıdır? Görüş anının ilk müəmması budur”.
“Üzümə baxır. Gözləri həm boşdur, həm də müxtəlif mənalarla dolmuş kimi gülümsəyir… Lakin bu da dəqiq deyil. Gec gəlməsini gündəlik həyatın bəsit maneələri ilə izah edərkən səsinin təbiiliyi aramızdakı münasibəti adi ruh təmaslarının sadəliyi içinə salır”.
***
– Aman, Bəsim!
– Qoy görək… İmkan ver oxuyaq da… Bir neçə dəqiqə içində aləm bir-birinə qarışır. Qəzetdə Üçüncü Dünya müharibəsinin başladığını oxusam, bəlkə də, abim qədər həyəcan hiss etmərəm. Sən heç aşiq oldunmu, abla?
– Təbii ki, oldum… Fazilə dəli kimi vurulmuşdum.
– O zaman bu cür həyəcan keçirmisənmi heç?
– Aaaa… Əlbəttə… eynilə… eynilə… Axşamlar evə gələcəyi saatlarda mən də belə olurdum…
– Çox qəribədir....
***
“– Necəsiniz?
– Mersi, siz?”
***
– Abla, mən qalib gəldim.
– Niyə?
– Bir-birlərinə “siz” deyirlər. Ağabəyim Səlminlə belə rəsmi danışmır.
– Əşşi, o elə-belə, …
– Xeyr, əfəndim.
– Vallah, billah, naz xatirinə elə danışıblar… Mən ərimə hər kəsin içində “sən” deyərdim, tək qalanda isə “siz”… Rəsmiyyət hər kişinin qürurunu oxşayır… Həm də onu hərəkətə gətirir… Aradakı məsafəni çoxaldır.
***
“– Dünən gecə gözümə yuxu getmədi.
– Niyə?
– Yaşıl məsələsinə görə…
– Yaşıl?
– Xatırlamadınızmı? Maşının yaşılını bəyənməmişdiniz.
– Xatırladım.
– Yaşıl rəngi heç vaxt sevməmisiniz?
– Sevmirəm.
– Səkkiz ay əvvəl isə sevirdiniz.
Kiprikləri çırpındı.
– O yaşıl başqa… Badamı ilə tirşe10 arasında bir tondur. Çox sevirəm onu, amma maşındakı yaşıl deyildi”.
“İzah mükəmməldir, – gülümsədim. Dünən gecə bu nüansı nə üçün qaçırmışdım? İçimdəki müxalifətin oyunudur bu… Qəlbə qarşı çıxan bu müxalifətin ağıldan və qürurdan qaynaqlandığı düşünülür. Məncə, bu, qəlbin özünümüdafiəsidir. Sevgilidə qeyb olmamaq üçün nifrət etməyə səbəb axtarır, tapa bilmədikdə də özü yaradır. Bax beləcə, özünü aldatdığını anlayınca utanır və ona daha çox bağlanır. Öz yalanlarını özünə bağışlaya bilməyən qəlbin özünə verdiyi cəza…”
“Aşiqlərə bir xəbər vermək istəyirəm. Qəlbin bütün məsələləri yalnız qəlbdə həll edilir. Çünki bir hissin öhdəsindən yalnız başqa hiss gələ bilər. Ümidsiz eşqin əks zəhəri nifrətdir. Fikirlər isə yalnız bu müqavimət hislərini yaradan təhrik və təlqin ünsürləridir”.
***
“Əlini öpdüm.
– Bəlkə, sevgilinin böyük təsiri altında olduğumuz üçün, yaxud bəlkə də… Onunla danışarkən sürətlə dəyişən təsir məqamları içində diqqətimizi yalnız bir nöqtə üzərində cəmləşdirdiyimiz üçün qavaraya bilmədiyimiz təfərrüat ondan ayrılar-ayrılmaz yeni bir məna işığı altında görünməyə başlayır.
Onu yaşadığı küçənin tinindən ötürüb geri qaydarkən birdən-birə xatırladım: səkkiz ay əvvəl sevdiyim yaşıl rəngin bir nümunəsini ona göstərmək üçün axtararkən gözlərim əlindəki şeir kitabının üz qabığına sataşmışdı. Daha doğrusu, orada əks olunmuş çizgiyə… Bu, badamı ilə tirşə arasında bir ton deyildi. Maşının rəngi ona daha yaxın olardı… O da o vaxt zövqümü dəstəkləmişdi.
Bunu xatırlayınca məsələ daha əhəmiyyətli rəng qazandı… Az qala, bütün düşüncələrimi qəsb etdi. Başa düşdüm ki, kipriklərinin çırpındığı an içində ildırım sürətilə işləyən yalan industriyasının bu “ton” izahını dərhal axtarıb tapıb. Ürəyimdə kədər uğultuları baş qaldırdı. Qatarda yanımda əyləşmiş Ələddin bəyin danışdığı əhvalatları…
***
– Mən uddum, abla, mən uddum. Bax, qızı küçənin tinində qoyub. Özü isə qatara minib. Deməli, fərqli yerlərdə yaşayırlar.
– Səlminin bəzən İstanbulda, həftələrlə yengəsinin yanında qaldığını yadından çıxarırsan axı… Təbii ki, məhz o zamanlarda görüşməyə üstünlük verəcəklər.
– Sənin öhdəndən gəlmək mümkün deyil. Qərarını vermisən də artıq… Oxuyaq, görək nə olur.
***
“Artıq dinləmirdim. İzah edərkən niyyətim yaxşı olsa belə, məni incitməmək üçün dediyini güman etdiyim bu yalan şübhələrimi daha da artırırdı… Yalan sevdası vardı ürəyində… Bu isə ən qorxunc inamsızlıqdan belə betər idi. Onun söylədiyi yalanın bir rəng vasitəsilə gizlədildiyindən əmin olmaq mümkün deyildi. Aramızdakı bütün fikir və zövq münaqişələrini xatırlamaq lazım gəlirdi.
Lakin Ələddin bəy nə dərəcədə diqqətli olduğumu anlamaq üçün danışdığı əhvalatların mənə olan təsirini arayan suallar verirdi. Kəndə çatana qədər onun məni rahat buraxdığı çox qısa anlar içində bu münaqişələrdən bəzilərini xatırladım. Lakin onlar haqqında çox düşünə bilmədim. Evə gəlincə süfrədə Bəsimin boşboğazlıqları və Məfharətin son günlərdə məni həddindən artıq göz dustağı edən və bir an belə gözdən qoymayan baxışları rahat düşünməyimə imkan vermədi. Yeməkdən sonra otağıma çəkildim”.
“Bu dəftərdəki ilk xatirələrimi oxudum. Onların arasında diqqətimi çəkən birinin üzərində dayandım. Bir yaz axşamı, Möhürdardan dənizi seyr edərək Kadıköy istiqamətində gəzərkən onunla birlikdə alçaq səslə bir musiqi mızıldanmışdıq. O vaxt bir neçə anlıq dayanmış: “Ah, nə gözəldir!” – demişdi. Onda mən bu həyəcanın sol tərəfimizdəki dənizdə salxımlanan qürubun narıncı rəngindənmi, söylədiyimiz havadanmı gəldiyi haqda xeyli fikirləşdim. Amma heç bir şey soruşmadım. Təxminən on gündən sonra – xatirələrimə, adətən, bir tarix yazmıram – boğazda bir dəfə də gəzdiyimiz zaman bu havanı yenə də dodaqaltı mızıldandım… Bax bu məqamda ondan heç gözləmədiyim bir diqqətsizlik gördüm. O, bu duyğu dolu anları məhv edən əhəmiyyətsiz bir şey soruşdu. Mən də Möhürdardakı həyəcanının daha çox qürub mənzərədən qaynaqlandığı qənaətinə gəldim. O vaxtlar kiçik bir kədər hissi ilə diqqətimi çəkən bu detalı yanlış mənalandırdığımı anladım. Yaşıl məsələsi qədər olmasa da, hər halda, bu da bir hiss yalanına bənzəyirdi”.
“Bu seriyaya daxil olan aldanmalardan ibarət bir ümid boşluğu və təhlükələr haqda düşünməyə başlayınca getdikcə içimdə daha da dərinləşən kədər hissi ilə çarpayıma uzandım. Onunla iki gün sonra görüşəcəkdik. Onun izahını tələb edən ehtiyac hissinin iki saat belə dözməyə səbri yox idi. Evə zəng vurmaq haqqında düşünürdüm. Əgər dəstəyi özü qaldırmasa idi, başqaları səsimi tanıyacaqdılar”.
***
– Gördünmü, Bəsim? Mən sənə demədimmi? Səlminin yengəsinin də evində telefon var.
– Yalnız oradamı telefon var?
– Diqqət et, “ev”ə deyir, “evinə” demir. Bu ifadədə aralarındakı yaxınlığın daha çox olduğu hiss edilir, elə deyilmi? Özünün də qohumu olduğu bir evdən söhbət gedir…
– Hə… Sənin də ağabəyimdən bir fərqin yoxdur. İynə ilə quyu qazırsan.
– Oxu, oxu, özü də görəcəksən. Axır-əvvəl mən deyənə gələcəksən…
***
“Fikrimi dəyişdim… Gözlərimi qapadım. Simeranyada belə bir məsələnin nə dəyəri ola biləcəyi haqqında düşünməyə başladım. Qeyd dəftərçəmi açdım. Elə birinci cümlədəncə aramızdakı bütün mübarizənin mahiyyətini başa düşmüşdü”.
“Sizi eşq institutuna aparacağam, – dedi, – orada “qədim dünya problemləri” şöbəsi var. Sizin problemləri bilirlər və hər şeyi izah edərlər”.
Bələdçim məni küçələrdən sonra xüsusi olaraq izah etmək istədiyim yepyeni bir üsulla keçirdi. Bir bağçanın içərisində tamamilə fərqli memarlıq üslubunda tikilmiş böyük binaya girdik. Birinci mərtəbədə, kiçik və boş otaqda böyük, rahat kreslo var idi. Bələdçim mənə:
– Sizi indi tək qoyacağam, – dedi, – bu kresloda rahatlanın, gözlərinizi qapayın, sizi narahat edən məsələ haqqında hündürdən danışa-danışa eyni zamanda da düşünün. Yanınızdakı qurğu səsinizi qeydə alacaq. Sonra ayağa qalxın və çölə çıxın. Mən dəhlizdə gözləyəcəyəm. Sabaha qədər probleminiz araşdırlacaq. Sonra sizi çağıracaq və problemin nədə olduğunu izah edəcəklər.
Ertəsi gün eyni binada, başqa bir otaqda məni qəbul edən yaşlı, ciddi və sevimli bir adam bələdçimin tərcümə etdiyi bu sözləri söylədi:
– Məsələniz araşdırıldı. Tipik haldır. İnstitutumuzun “qədim dünya problemləri” bu cür bir çox müşahidələr aparmış, müxtəlif faktlar toplamışdır. Hadisəni sizin psixoloqlarınızın elədiyi kimi, sadəcə, elmi cəhətdən və psixologiyanın işığında aydınlaşdırmağa imkan yoxdur. Qədim dünya elminin ən böyük xətalarından biri də “bütün”ü gözdən qaçırdıqları üçün heç bir hadisəni əsaslı və doğru izah edə bilmədiklərini anlamamasıdır. Simeranya elmində “fiziki hadisə”, “bioloji hadisə”, “sosial hadisə” deyə bir-birindən ayrı hadisələr seriyası yoxdur. Bu hadisələrin hamısı “bütün”ün işığı altında aydınlaşdırılır. Bir şeyin içərisində hər şey mövcud olduğu üçün bir məsələ başqa məsələni öz daxilində daşıyır. Məsələn, insan ruhunu anlamadan atomu izah etmək mümkün deyil. Dalğa mexanikası ilə həzm funksiyası, yaxud öskürəklə göydə ulduzun düşməsi arasında sıx əlaqələr var və bunlar böyük var olma prosesinin fərqli görüntüləridir. İnstitutumuz eşq hadisələrinə aid müşahidələri toplayır və “İnsan tədqiqatları mərkəzi”nə yollayır. Sizin məsələniz çoxdan tədqiq edilmiş olduğu üçün, sadəcə, fakt kimi dosyeyə əlavə edildi. Hadisə sizin dünyanızda göründüyü kimi, sadəcə, psixoloji, hətta sosial da deyil. Hər bir fakt kimi insan bilgisinin bütün şöbələrini eyni plan içərisində maraqlandırmaqdadır. Əgər bu cür toplu araşdırma metodundan istifadə edilməzsə, heç bir hadisə öz cəbhəsində, öz sərhədləri daxilində bizi qane edəcək nəsə söyləyə bilməz. Köhnə dünya elminin mahiyyəti, qavramaq istiqamətində göstərdiyi əzm bununla bağlıdır və inkara qədər gedib çıxması bir dalandan başqa dalana düşməsinin nəticəsi idi. Simeranyanın elmi nəzəriyyələri haqqında sizə bəsit bir məlumat vermək məcburiyyətindəyəm. Yoxsa sevgilinizin kiçicik hissi yalanı ilə bütün varlığın ziddiyyət prinsipi arasındakı münasibəti qavramağınız mümkün deyil.
Qədim dünyada, bundan yüz əlli il əvvəllərə qədər bütün həyat şəkillərini, sosial müəssisələri və məsləkləri əhatə edən yalan amili təkamülün zəruri xüsusiyyətlərindən biri olduğu qədər “qütbləşmə dramı” adını verdiyimiz “əsas ziddiyyət” gerçəyinin ən əhəmiyyətli məqamlarından idi. Əvvəla, bu gerçəklə bağlı Simeranyada mövcud düşüncələri sizə başa salmaq lazımdır”.
***
– Ayyyy!
***
– Nə var, abla?
– Bunları ötür, canım.
– Mənim üçün maraqlıdır, bir az səbr et.
– Boşla, boşla… sən başqa bir gün gəl, özün oxu bunları. Səhifələri çevir, görək…
***
“Milli duyğularının zəifliyi məndə nifrətə çevrilmək üçün fürsət gözləyən bəzi narahatlıqlar oyadır. (F…) ilə bağlı hadisəyə görə aramızda münaqişə oldu. O, qızı müdafiə etdi. Dame de Sionda iki yerə ayrılıblarmış… Yoldaşların bir qismi (F…)-ni qınayırmış. Mən onların haqlı olduğunu düşünürdüm. Bir ailə qızının bara düşməsi üçün kimsəsizliyin və pul ehtiyacının yetərli bəhanə olmadığını söylədim. Əməllicə əsəbiləşdi. Onda çox az gördüyüm…”
***
– Bəsim, anladınmı indi? Kəs! Bitdi! Dame de Sion! Bitti! Səlmin! Səlminin məktəbi!
– Dayan görək bir!
– Bitdi! F… dediyi Fərihadır. O hadisə yadından çıxıbmı? Qızın atası öldü, anası məktəbin pulunu verə bilmədi, xəstələndi. Qız da bir az yüngülxasiyyət idi. Səlminin yoldaşı… Fərihadır da, ay balam. Xatırlamadın? Yadına düşmədi? Barlara düşdü… Müəllimləri o qədər nəsihət etdilər, amma dinləmədi ki, dinləmədi. Məktəb də onu pulsuz-parasız oxutmağa razılıq vermişdi, amma razılaşmadı. Yadına düşdü?
– Hə, xatırladım… Amma Səlmin ki onu müdafiə etmirdi. Əksinə, qınayırdı…
– Sən ona baxma. Səlmin həmişə öz fikirlərini bizdən gizlədib.
– Abla!
– Vallahi o… Fəriha… Fəriha… Səlminin rəfiqəsi idi… Adının baş hərfini yazmasaydı, mən yenə də başa düşərdim. Artıq hər şey ortadadır… İndi sən bax, tamaşa elə, gör o Səlminin anadan əmdiyi südü necə burnundan gətirirəm… Görəcəksiniz!
***
Ayağa qalxan Məfharət birdən-birə dayandı və diqqətlə ətrafı dinşədi. Yuxarıdan qışqırıq səsi gəlirdi. Oğlunun səsini o dəqiqə tanıyan qadın qıpqırmızı qızaran üzündə daha çox diqqət çəkən gözünün ağı bərəldi, böyüdü… Sonra dəftəri stolun çəkməcəsinə qoyan Bəsimin üzünə dəhşətlə baxıb qapıya doğru qaçdı.
Aydın əlləri yanaqlarında, üzünü yastığa basmışdı. Yerində qıvrılır, qıvrıldıqca da bağırırdı.
– Çoxmu ağrayır, oğlum?
Başını qaldırıb yenidən yastığa basan Aydın cavab vermir, yalnız dayanmadan qışqırırdı. Bəsim, Səlmin və Hasibə bir-birinin dalınca qaçaraq otağa girdilər.
Əllərini saçlarına atan Məfharət: “İmdad”, – deyə bağırmaq istəyirmiş kimi pəncərəyə tərəf qaçdı, lakin nə fikirləşdisə, geri çevrildi və Hasibənin üstünə yeridi:
– Qaç həkimin yanına, qaç, başa sal, gəlib iynə vursun, tez ol, qaç!
Xidmətçinin arxasınca gedən Səlmin:
– Mən də zəng vurum, – dedi və otaqdan çıxdı.
Məfharət heç cür oğlunu qucaqlamağa nail ola bilmirdi. Özünü yataqdan atacaqmış kimi çırpınan Aydın anasının qucağından çıxır, əli ilə tutduğu başını o tərəf-bu tərəfə yelləyir, sakitləşmirdi. Üzünü pəncərəyə tərəfə çevirdikcə hər dəfə gözlərini yumurdu. Buna fikir verən Bəsim içində “Eyvah”, – dedi. Məfharət isə bütün bunların heç fərqində də deyildi. Saçlarını yola-yola otağın qapısı ilə çarpayı arasında ağır bədənini ora-bura çırpırdı.
Yatağa tərəf əyilmiş Bəsim uşağa səbr etməsini söyləməyə çalışdı:
– Bir az da səb et, həkim indi gəlir, iynə vurar, heç bir şeyin qalmaz.
Sonra da oğlundan daha çox anasını yüksək təzyiq qəzasından qurtarmaq üçün klassik yalanlardan birini axtarıb tapdı:
– Qalatasarayda imtahana hazırlaşdığım vaxt məni də belə bir başağrısı tutmuşdu. Xatırlayırsan? Həkim bir morfi vurdu, o dəqiqə rahatlaşdım. O an hiss etdiyim kefi heç yadımdan çıxarmaram.
Həkim gələnə qədər bacısına təskinlik vermək üçün onu yalan bombardmanına tutan Bəsim zehni yorğunluqdan qaynaqlanan baş ağrılarının çox kəskin və tez də keçən olduğuna inandıran müxtəlif hadisələr uydurub danışırdı.
Qoca Nikolaides ağır addımlarla çarpayıya yaxınlaşan zaman bir xəstəyə, bir də anasının və Bəsimin üzünə baxaraq:
– Bu nədir? – soruşdu, – Nə olub bu uşağa?
Məfharətin dağınıq saçlarına göz qoyan həkimin sualları iki mərtəbə pilləkən çıxmağın yorğunluğunu aradan qaldırmaq üçün vaxt qazanmağa da imkan yaradırdı. Lakin ümidlə gözləyən və susan qadın qoca həkimin çaşqınlığını görüncə onun əlindəki kiçik çantaya gözlərini dikərək bağırdı:
– Tez bir iynə vur, həkim, tez!
– Vurmağına vuraq, amma nə olduğunu anlayaq, sonra!
O, xəstəyə doğru əyildi və qolundan yapışaraq onun yastığa basdığı üzünü görmək istədi.
– Şiddətli baş ağrısı var. Başqa heç bir şikayəti yoxdur. Siz əvvəlcə iynə vurun, sonra müayinə edərsiniz. Çox əzab çəkir, görmürsünüzmü?
Həkim ətrafına nəzər saldı və masaya tərəf getdi. Aydının kitabları, qaralanmış rəqəmlərlə dolu kağız-kuğuz arasında yer tapdı, çantasını açıb iynə hazırlamağa başladı. Bəsim onun yanında hərəkətsiz dayanmışdı. Gözucu Aydına baxırdı.
Uşağın ruhunda bu müdhiş sancını, hətta ölümü belə riyaziyyatın ağlı başdan alan rəqəmlərindən üstün tutan ruhunda gizli qalan künc-bucağın olub-olmadığı haqda düşünürdü. Xəstəliyin belə bir müdhiş seçimdən sonra başlaması mümkün idi.
Ablası həkimə yardım etməkdən daha çox hərəkət halında olarkən həyəcanını azaltmaq üçün stolun başına boş-boş dolanır, qapıya tərəf gedib-gəlirdi. Səlmin yatağın qırağında əyləşmiş, ayağını ayağının üstünə aşırmışdı.
İynə vurulduqdan sonra təsirini gözləyərkən otağın havasını dolduran ümid xəstənin də iniltilərini azaltdı. Məfharət oğluna tərəf əyilərək içərisində qəzəb üzən şəfqətli səsi ilə tez-tez təkrar edirdi: “İndi keçər, heç bir şeyin qalmaz, bir az da səbr elə, bitdi, bitir artıq!”
Bəsim həkimin qolunu azacıq sıxıb ona gizli bir işarə vurduqdan sonra:
– Riyaziyyatdan imtahanı var idi, çox çalışırdı, – dedi, – bütün bunların səbəbi zehni yorğunluq deyilmi?
– Əlbəttə, təbii ki, sürmönaj, sürmönaj11…
Və ağrı tutmaları getdikcə azalmaqda olan xəstəyə yaxınlaşdı.
Aydın üzüqoylu yatırdı. Həkim işığın onun gözlərinə necə təsir etdiyini anlamaq üçün arxası üstə çevrilməsini xahiş etdi. Uşaq soldan sağa çevrilərkən pəncərədən gələn işığı görüncə yenə də gözlərini bərk-bərk yumdu. Bəsim də buna fikir vermişdi. Məfharət isə heç nəyin fərqində deyildi. Həkimin daha rahat müayinə edə bilməsi üçün yatağın baş tərəfindən kənarlaşdı.
Otaqdan çıxdıqları zaman Bəsim bacısının narahat və gərgin üzündən iki sapand daşı kimi atılan baxışlarının həkimə saplandığını gördü və klassik bir yalan eşidəcəyini zənn etdi. Nikolaides isə bu cür işlərin ustası deyildi. Səsində tərəddüd işartıları var idi.
– Ola bilsin ki, zehni yorğunluqdandır.
Bəsim bacısını uşağın yanına yolladıqdan sonra həkimlə birlikdə aşağı enərkən ondan miningit ehtimalının olub-olmadığını soruşdu və gözlədiyi cavabı aldı:
– Analiz götürülməlidir, lomber12. Çox bənzəyir. Uşaq işığa baxa bilmir. Baş ağrısı da həddindən artıq çoxdur. Bu bir komjestion13 deyil. Çırpınmalar, bağırmalar tipik haldır.
– Zehni yorğunluq meningitə səbəb ola bilərmi?
– Elə deyirlər. Mən iki belə hadisə ilə qarşılaşmışam. İmtahana hazırlaşmaqdan olub… Biz serebro-spinal baraj14 təsəvvür edirik. Bu bənd yıxılarsa, menenqoklar15 beyinə girər deyə düşünürük. Amma bunlar yalnızca fərziyyələrdir.
Bəsim xəstənin otağına qayıtdığı vaxt o artıq yuxuya getmişdi. Bacısı da bir kresloda yayxanaraq başını arxaya söykəmişdi. Qırmızılığı azalmış üzünə narahat bir sükut çökmüşdü. Səlmin otaqdan çıxmağa hazırlaşırdı. Dayısını görüncə ayaq saxladı.
Bacısına doğru gedən Bəsim asta səslə dedi:
– Sən də get yat, bir az dincəl.
Qadın gözlərini yumdu və mızıldandı:
– Bura yaxşıdır.
Bəsimlə Səlmin baxçaya endilər.
– Bu çəhrayı güllərin niyə qapqara qaralmadıqlarına heyrət edirəm. Ablamın üzündə faciənin son pərdəsi kimi açılan göz qapaqlarının altındakı əzab dolu baxışlar ən nəşəli çiçəklərin belə rənglərini soldura bilər. Mən bildim-biləli belədir. Saymamışam, amma ayda iki dəfə qəhqəhə ilə gülər, ya gülməz. Özü də güləndə elə bil nərə çəkir. Üzü əksər hallarda yas mərasiminə dəvət edilmiş adamın üzü kimi kədərli olur. Sanki bu dəqiqə hansısa bir fəlakətdən xəbər verəcək. Amma… atan heç ölməli adam deyildi. Çox nəşəli, deyib-gülən insan idi. Sən onu qəhqəhə çəkdiyi zamanları xatırlamazsan. O qədər gülərdi ki… Yazıq adamın xasiyyəti dəyişdi ananın yanında. Sonra da işləri heç gətirmədi. Çünki Məfharətin gözləri ancaq pis şeyləri görür. O buna alışıb… İnsanın cəsarətini qırmaqda, həvəsdən salmaqda tayı-bərabəri yoxdur. Yoxsa atan o ciftliklə bağlı məhkəmədə qətiyyən uduzmazdı. İnan mənə, bütün bunlar ancaq Məfharətin mənfi emosiyasının nəticəsində oldu. Zalım qızı elə bil fəlakəti özünə çəkir. Atan da çox bezmişdi bütün bunlardan. Sepsis, vərəm, xərçəng… Bunların hamısı boş söhbətdir. İnsanı ancaq bir xəstəlik öldürür – dərd, sıxıntı… Yerdə qalan xəstəliklər bunun bədəndəki fərqli-fərqli formalarıdır.
İndi sənin qardaşın da çox bezdi. Bir yandan riyaziyyat, bir yandan da anasının yüz ton ağırılığında mənəvi basqısı… O dözülməz despotizmi. Kinoya belə güclə gedirdi oğlan.
– O, baş ağrılarının, çırpınmaların səbəbi nədir? Həkim nə dedi? Qorxulu bir şey yoxdur ki?
Bəsim aşağı əyildi, bir çiçək qopararaq Səlminə verdi:
– Bunu bir qaba qoy, otağına apar, sonra da keç qarşısında otur, beynini boşalt, heç bir şey düşünmə, gözlərini buna dik, o beş dəqiqə başqa heç yerə baxma. Ruhuna ağlına gəlməyən bir rahatlıq, bəxtiyarlıq dolacaq. İnan mənə. Get təcrübədən çıxar.
Səlmin gül tutduğu əlini aşağı saldıqdan sonra dayısına yanakı baxdı və soruşdu:
– Menengitdir, elə deyil?
– Sənin ağlının qarşısında ən gözəl güllər belə məğlub olar. Hələ ki dəqiq deyil… İstəyirsən belə düşün… Alışmaq lazımdır. Sən də alışmalısan. Analizdən sonra hər şey ortaya çıxacaq. Deyilənə görə, oxşayır. Amma sən bu haqda çox da fikirləşmə.
Səlmin çiçəyi burnuna yaxınlaşdırdı. Bu hərəkəti mexaniki idi. Nə qoxusunu hiss edir, nə də gülün rəngini görürdü. İçində ağır günlərin sıxıntısı var idi. Yaddaşı da, düşüncəsi də bulanmışdı. Aydının ölümünə bənzər acı bir hissin içinə qırmızı rəng də qarışırdı. Anasının üzü gözlərinin qarşısında görünüb yox oldu. İkinci mərtəbəyə uzanan pilləkənlərin məhəccərləri arasından alt mərtəbədəki kreslonun üstündə yadından çıxardığı kitabın üz qabığını görür və qapı cırıltılarını eşidirmiş kimi olurdu. Birdən-birə ürəyi bulandı, əlini ağzına tutdu. Üzü, yəqin ki, saralmışdı ki, dayısı ona diqqətlə baxıb soruşdu:
– Nə oldu? Özünü pis hiss edirsən?
Səlmin üzünü turşutdu, çiyinlərini atdı. Bəsim hələ də ona diqqətlə baxır, eyni zamanda bu evdə özündən başqa hər kəsin bir problem yaratdığı haqda düşünürdü. Nə oldu bu qıza birdən-birə?
Təkrar bir də soruşdu:
– Nə olub sənə?
Səlmin əlini ağzından çəkdi. Udqundu və özünü ələ almağa çalışdı. Rəngi yavaş-yavaş özünə gəlirdi. Sonra əlini yenidən ağzına doğru apardı və əsnəməyə başladı.
– Kecdi, – dedi.
Bəsim ən qarışıq məsələlərin belə bir kəlmə ilə qarşısını almaq ehtiyacı duyduğunun fərqinə vararaq başını buladı:
– Əsəbdəndir!
Sonra da bağça qapısına tərəf baxdı. Səmim gəlirdi. Səlmin böyük dayısının üstünə yüyürdü. Bəsim də ağır-ağır onun ardınca getdi. Ağabəyi Səbri həkimi tapa bilmədiyindən danışırdı. Bəsim isə baş verənlər haqqında bir-bir ona məlumat verdi.
– Bəxtimiz gətirdi ki, ablam qoyulan diaqnozun fərqinə varmadı. Axmaq Nikolaides güc-bəla ilə, nəhayət ki, bir yalan uydura bildi. Deyəsən, analiz ediləcək, məncə, mütləq edilməlidir də. Qalatasaraylı Nahidi tanıyırsan… Sonra Şükran… Onlarda da xəstəlik elə bu cür başlamışdı.
Bağçada oturdular. Səlmin tez-tez böyük dayısını yanakı süzürdü. Səmim gözlərini Aydının yatdığı otağın pəncərəsindən ayırmırdı. Sonra yenə də önünə baxdı.
– Məncə, yalan danışmağa ehtiyac yoxdur.
– Sən ablamın halını görsəydin, – Bəsim başını bulayaraq dedi. – Üzü qıpqırmızı qızarmışdı. Diaqnozun nə olduğunu öyrənsəydi, yəqin ki, beyninə qan sızardı… O anda ancaq yalanla vəziyyətdən çıxmaq olardı.
– Diaqnoz hələ ki qoyulmayıb. Bu bir ehtimaldır, həm də qüvvətli bir ehtimal… Bunu Məfharətə xəbər vermək lazımdır. Sabah məsələnin nə yerdə olduğunu birdən-birə öyrənər, ya da sezərsə, bax o zaman, həqiqətən də, beyninə qan sıza bilər.
Səmim asta və kədərli səslə sözünə davam etdi:
– Bizim səhvimiz bundadır. Hiyləgərlik etməyə çalışaraq kiçik ağlımızla böyük hadisələrin qarşısına çıxmağa çalışırıq.
Səlmin yerindən qalxıb Səmimə yaxınlaşdı. Əlindəki gülü onun yaxasına sancarkən:
– Mən sizin kimi düşünmürəm, dayı, – dedi.
Bəsim bağırdı:
– Təbii… Əşşi bax bu gül belə, yalan söyləyir. Elə bir təzə-tər duruşu var ki, gəl görəsən… Elə bil öz görünüşü ilə lovğa-lovğa: “Mən solmayacağam, mən əbədiyəm”, – deməyə çalışır. Halbuki sabaha qədər solacaq… Yəni yalan söyləyir.
Səmim yaxasından tutub gülü burnuna yaxınlaşdıraraq dedi:
– Solacağını bilmir, – dedi, – sadəcə, gələcəyindən və gözəlliyindən əmindir.
Bəsim ayaq üstündə dayanan Səlmini göstərdi:
– Lakin bu gül bilir. Amma yenə də solmayacaqmış kimi qürurlu görünüşü var. Elə deyilmi, Səlminciyim? Gözəlliyin sonsuz olduğu ilə bağlı özün özünü aldadırsan.
Qız cavab vermədi, bir az qabağa getdi, əyilib qızılgül kolundan sarı bir gül də qopararaq Bəsimin yaxasına taxdı:
– Bu, yalanı müdafiə etməyiminmi mükafatıdırmı? – deyə dayısı soruşdu.
– Bəli.
– Adı üstündə… Yalan dünya. Yalansız bir dünya təsəvvür edə bilərsinizmi?
Sonra da Səmimə tərəf çevrilərək soruşdu:
– Sizin Simeranyada müalicəsi olmayan xəstələrin üzünə qarşı həkimlər öləcəklərini elə-beləcə birbaşa söyləyirlərmi?
Ağabəyi cavab vermədi. Bəsim onun Simeranya xəyalında bu tərəfin hələ ki əskik və ya əlavə düşüncələrə möhtac olduğunu düşünürdü. Səmim hər hissəsi yerli-yerində olan bir maşın kimi qüsursuz dünya yaratmış ola bilməzdi. Bəsim bu rahatlığın verdiyi üstünlük hissi ilə ayağını ayağının üstünə aşıraraq:
– Sən bu haqda yaxşı-yaxşı fikirləş, ağabəy, – dedi.
Səmim yüngülcə başını arxaya verib qardaşının üzünə baxdı. Hər dəfə Simeranyasından danışmağa başladığında olduğu kimi, xəyalının qəribəliyinə gülmək üçün hər kəsi qabaqlayaraq gülümsədi.
– Mən bu məsələ haqqında çox fikirləşmişəm, – dedi. Simeranyada yalan tamamilə lüzumsuz bir şeyə çevrilib. Məlum olub ki, bu, təbiətin və həyatın içindəki ziddyyətləri barışdırmayan insanın ahəng yaratmaq üçün əks qütblər yaratmaq ehtiyacı ilə bağlıdır. Əgər insnın ruhundakı ziddiyyətlər aradan qalxarsa, yalana da ehtiyac qalmaz. Yəni prinsipində qütbləşmə dayanan Olmaq faciəsinə qarşı aciz olan insanın əlindəki keçici silah yalandır.
Bəsim yerindəcə dikəldi və bir qulağını ovucları arasına alıb Səmimə tərəf uzadaraq bağırdı:
– Necə, necə?
Səmim qırıq-qırıq qəhqəhə ilə gülərək cavab verdi:
– Dayan bir, sənə misal ilə başa salım: ildırım elektrik hadisəsidir, elə deyilmi?
– Elədir.
– İnsan fiziki sahədə müsbət və mənfi arasındakı ziddiyyəti uzlaşdıraraq elektrik işığı əldə edir. Təbiətin bu dağıdıcı qüvvəsi insanın əlində faydalı xüsusiyyət qazanır. Fiziki sahədə belədir. Lakin içinə insan ruhunun qarışdığı sosial həyatda bütün ziddiyyətlərin barışması mümkün deyil. Olmur da. Bax yalan o zaman müsbət və mənfi qütblərdən birini müvəqqəti müddətə pərdələmək, gizlətmək üçün ziddiyyəti aradan qaldırır. Təbii ki, müvəqqəti olaraq…
– Buna da bir misal çək.
– Bax, məsələn, zavallı Aydın. Bir yandan onun ağır bir xəstəlik təhlükəsi qarşısında olduğu, başqa bir yanda analıq şəfqətinin üsyanı müxtəlif qütblərdə yerləşir.
Sən bu ziddiyyəti aradan qaldırmaq üçün həkimin qolunu dürtmələyir və təhlükənin üzərinə yalan örtüyü çəkirsən. Halbuki reallığın kobud əli bir gün o örtüyü qəfildən qaldırdığı vaxt ziddlyyət ən mürəkkəb və əhmiyyətli nəticələri ilə ortaya çıxacaq.
– Başqa nə edə bilərdim ki?
– Niyə ki? İstəsən, edə bilərdin… Məsələn, bu qütblərdən ikincisini yalansız aradan qaldıra bilərdin. Analıq şəfqətini üsyan halından müsbət bir hissə – Allaha şükür duyğusuna çevirə bilərdin. Bax mən bunu edəcəyəm, indi görəcəksən.
Bəsim ayağa qalxdı və Səmimə doğru addımlayaraq səsini qısdı və bağıra-bağıra demək istədiyi var gücü ilə pıçıltıya çevirə bildi:
– Qətiyyən ha, ağabəy, ablam çox pis haldadır.
Səmim təkrar etdi:
– İndi özün də görəcəksən.
Təkrar Aydının yatdığı otağın pəncərələrinə tərəf baxdı.
Bəsim iki əlini də ona tərəf uzatdı:
– Hələ bir dayan. Səbr et… Yuxarı çıxma… Aydın yatır axı… Ablam da səni görən kimi həyəcanlanacaq.
Səmim arxaya söykəndi və yenə də gülümsəyərək dedi:
– Simeranyada əsl məsələ xəstə ilə xəstəliyi arasındakı ziddiyyəti aradan qaldırmaqdır. Bütün müalicələrin əsasında məhz bu amil durur. Bax bu çox maraqlı məsələdir, yaxşı-yaxşı qulaq as…
– Qulağım səndədir, ağabəy…
– Bizim indiki dünyamızda iki nəzəriyyə və tətbiq vardır ki, məhz onlar Simeranyada gələcək dünya təbabətinin əsaslarını formalaşdırır. Bu nəzəriyyələrdən birinə görə, istisnasız olaraq hər xəstəlik orqanizmin öz işinə zidd təsirlərə qarşı hiperreaksiyasıdır. Daha doğrusu, bədənin qəzəblənməsidir, üsyanıdır. İkinci bir nəzəriyyəyə görə – bu nəzəriyyə daha məşhurdur.... İsveçrəli Turnyenin nəzəriyyəsi… Deməli, belə… Bu nəzəriyyəyə əsasən, bir çox xəstəliklərin səbəbini xəstənin bədənindən əvvəl onun həyatında axtarmaq lazımdır. Yəni xəstəlik əksər hallarda taleyin bəxş etdiyi pis hadisələrə, uğursuzluqlara qarşı ruhun, onun da ardınca vücudun üsyanıdır.
Oturacaqda əyləşən Bəsim birdən-birə canlanaraq:
– Üsyan deyil, sıxıntı, – dedi, – bir az bundan qabaq mən də Səlminlə elə bu haqda danışırdım.
– Hər bir sıxıntı üsyana hazırlıq deməkdir. Ruhda başlayan bu hazırlıq bədənin xəstələnməsi şəklində təbii üsyan halını alır.
– Deməli, belə… Aydındır…
– Bax Simeranyada müalicənin dayaq nöqtəsi budur. Lakin onu da söyləməliyəm ki, orada təbabət deyə elm və hər hansı şöbə yoxdur.
– O necə olur ki?
– Fikrini qarışdırmamaq üçün bunu sonra başa salacağam. Davam edək: hər xəstəlik əvvəlcə ruhda başlayıb sonra bədənə təsir edən üsyandır.
Bəsim yenə də ayağa qalxdı və əllərini arxasına qoyaraq:
– Pardon, – dedi, – mikroblu xəstəliklərdəmi?
– Hamısı.
– Axı bu necə olur? Mikroblu xəstəliklərdə xəstəliyin amili mikrobdur, sıxıntı-filan deyil. Bu hamının bildiyi bir məsələdir.
– Lakin mikrobun xəstəliyi bədənə gətirə bilməsi üçün vücudda uyğun bir mühit tapması lazım deyilmi? Bu mühiti də sinir sistemi vasitəsilə ruh hazırlayır. Üsyan bədənə oradan keçir. Yəni insanda xəstəlik əksər hallarda taleyin uğursuzluqlarına qarşı dirənməkdən, uyğunlaşmağa çətinlik çəkməkdən meydana çıxır. Simeranyada hər cür xəstəliyin səbəbini əvvəlcə xəstənin həyatında və ruhunda axtarırlar. Çox vaxt da səbəbin heç bir çarəsi olmayan uğursuzluqlardan, həyat çətinliklərindən birinin olduğunu meydana çıxararlar: ümidsiz bir eşq, çox sevilən birinin ölümü, namus ləkəsi, vicdan əzabı kimi əlacı olmayan hadisələr… Bu cür ağır iztirab yükünü qaldıra bilməyən ruhun sıxıntısı, üsyanı beləcə xəstəliyə çevrilir… Bax elə bu zaman xəstəni həyatın qarşısına çıxardığı talesizliklərə uyğunlaşdırmaq üçün ruhunun müalicəsinə başlanılır və bu da öz möcüzəvi nəticəsini verir.
Etiraz etmək cəsarətini getdikcə itirməkdə olan Bəsim soruşdu:
– Aydın Simeranyada olsa idi, onunu ruhunu necə müalicə edərdilər?
– Orada hər kəs xəstələnməzdən əvvəl həyatın çarəsizlikləri qarşısında sərhəd qurmamağı, üsyan etməməyi öyrənir. Bütün ailələrdə və müəssisələrdə hər gün ruhun inkişafı, sağlamlığı üçün idman kimi tətbiq edilən məhz budur. Orada insanlar özlərinə uyğun müəyyən ayinlər yerinə yetirirlər. Ona görə də Simeranyada dərin bir sükut və ahəngdar bir barışıq havası hökmranlıq edir. Ora ilk addımını atar-atmaz özünü hər tərəfə yayılmış ümumi bir barışıq və ahəng duyğusu içərisində hiss edirsən. Hər kəs ruhun sağlamlığı üçün mövcud olan bu yollara bələddir və xəstələndikdən sonra da üsyandan barışığa, istənilən halı qəbul etməyə doğru gedən yolu tapmalarına kömək edəcək təlqinlərə üz tuturlar. Bunun üçün müəyyən hazırlıqlar aparılır.
Aydın inşallah meningit deyil, amma əgər olubsa, mütləq bu, oxuduğu dərsə qarşı duyduğu üsyanın, sinir sistemi yolu ilə bədən üzvlərinə olan sirayətin nəticəsidir. İndi ruhən duyduğu bu sıxıntı öz şəklini dəyişdirərək onun cismində davam edir. Dünən bu, imtahana qarşı üsyan idi, bu gün isə imtahana girə bilməməyin nəticələrinə, sinifdə qalmağa, yoldaşları arasında pərt olmağa qarşı qaldırdığı üsyandır. Ona hiss etdirmək lazımdır ki, bu itkinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Ən əsası, o bilməlidir ki, günah onun özündə deyil, ehtiyaclarını, hansı təmayüldə olduğunu və qabiliyyətlərini nəzərə almayan təhsil sistemindədir. Əgər bunu əvvəlcədən etsəydik, xəstəliyin qarşısını almış olardıq.
Bəsim bir qədər əvvəl həkimin “serebrospinal anbar” dediyi sözü xatırladı. Bu anbar sıxıntı və ya zehni yorğunluq üzündən yıxıldığı zaman mikroblar beyin hissəsinə girir. Səmimin nəzəriyyəsi müasir tibbin, güclə də olsa, sezdiyi bir həqiqətin daha anlaşıqlı şəkildə inkişaf etdirilməsindən və müalicəyə tətbiq edilməsindən başqa bir şey deyildi.
Ona görə də, başını təsdiq edirmiş kimi tərpətdi:
– Bəli, mən də eyni fikirdəyəm.
Səmim isə qazandığı uğurun əhəmiyyətini azaltmaq istəyən təvazökar bir təbəssümlə əlavə etdi:
– İstəyirsən, indi sənə Simeranyada niyə təbabət deyə xüsusi bir elmin olmadığını, bütün bilgilərin məhz bir mərkəzin əmrində olan tədqiqat qollarına ayrılğını başa salım.
– Quzum…
Üçü də birdən başını Aydının yatdığı otağın pəncərəsinə tərəf qaldırdılar. Məfharət bağırırdı:
– Hardasınız, ay balam? Bunun yenə ağrısı tutdu axı, tez olun, özünüzü yetirin!
Qardaşların ikisi də o dəqiqə yerlərindən sıçrayıb otağa tərəf götürüldülər.
Ayaq üstündə dayanan Səlmin gözlərini yerə dikərək nədənsə heç dillənmirdi. Eşitdiyi bağırtı belə onu yerindən tərpənməyə vadar edə bilmədi…
Nəhayət, bir qədər sonra başını yuxarı qaldırdı, gözlərini yumdu və dərin bir nəfəs aldıqdan sonra çox pis hadisələrə doğru getdiyini yaxşı bilirmiş və dayılarının arxasınca sürüklənirmiş kimi irəlilədi.
***
Evdəki ən optimist adamı belə bu cür bərbad, fəlakət dolu bir günün bu qədər fərəhli və nəşəli gecəsi olacağına ümid edə bilməzdi. İkinci mərtəbənin arxadakı bağçaya baxan geniş balkonunda şezlonqların birində uzanmış, göy üzünü seyr edərkən diqqətlə udqunaraq bir qədər əvvəl yediyi rəvaninin ləzzət dolu xəyalını ulduzların parıltılarına qarışdıran və iki hiss arasında incə bir qarışıq duyğu əldə etməyə çalışan Bəsim yanında, ayaq üstündə dayanmış ablasının ilk qəhqəsinin eşidən andaca bağırdı:
– Oh, belə ha! Yaşa! Yaşa! Oh… Gördünmü? Bax sağlamlığın, bəxtiyarlığın, hər şeyin sirri məhz bu qəhqəhədədir. Düzdür, bir az gecikdin, amma eyibi yox, əsas odur ki, ürəkdən çəkdin!
Məfharət bir əlini qardaşının çiyninə qoydu və hələ də sinəsindən çıxan qəhqəhələrə ara vermədən:
– Sənə gülürəm, – dedi, – süfrədə söylədiklərinə… Kefim yerinə gəldi, vallah… Gedib o Səbri həkimin əlindən öpəcəyəm. Pensilin ağrını bıçaq yağı kəsən kimi kəsdi. Çox yaxşıdır indi, maşallah. Üzü güldü yazıq uşağın. Artıq qalxmaq istəyir. Məni necə qorxutdu, ay Allah! O necə qıvrılmaq, o necə bağırmaq, o necə çırpınmaq idi elə? İndi: “Daha heç nəyim yoxdur”, – deyir. Ağabəyim ona da, mənə də nə qədər gözəl sözlər söylədi. Ah, əlimdə bir qələm olsaydı, yazsaydım.
Bəsim bir əlini çiyninə qaldıraraq ablasının əlini sığallamağa başladı. Pensilinin bu qədər tez bir zamanda təsir edəcəyini ağlına gətirməzdi. Səmimin təlqinləri də bu cür möcüzə yarada bilməzdi.
– Deməli, meningit deyilmiş, – dedi, – boşuna narahat olmuşuq. Sabri, onsuz da, bu ehtimalın zəif olduğunu Pensilini də hər ehtimala qarşı vurmuşdu.
Məfharət də qardaşlarının yanına keçib şezlonqa uzandı.
Havada təyyarə pərvanəsinin uzaqdan gələn səsi kimi davamlı və monoton bir uğultu var idi. Dəniz tərəfdən motorun yaxınlaşdıqca artan gurultusu bu səsi eşidilməz edir, sonra uzun və kəskin qatar fiti gələrək uğultuların üzərindən atəşdən bir cizgi çəkirdi. Aradabir siqnal səsləri ilə yırtılan arasıkəsilməz uğultu bir qədər keçmiş yenidən havanı bürüyürdü.
Yuxusu gəlməyə başlayan Bəsim gözlərini yarı yummuşdu. Bir az mürgüləmək istəyirdi. Lakin bacısı onu səslədi:
– Bəsim, sənin gözün mənimkindən yaxşı görür, bir ora baxsana… Burada, gilas ağacı ilə divarın arasında adam kölgəsi görürsənmi?
Bəsim yerindən dikəldi. Orada bir övliya türbəsi olmadığını söyləməyə üşəndiyi halda balkonun geniş barmaqlıqları arasından gözlərini bacısının dediyi yerə dikdi.
– Hə, – dedi.
– Deyəsən, yenə də o hərifdir. Ac adam…
Bəsim gözlərini baxçada çəkingən və ehtiyatlı addımlarla köşkə doğru irəliləyən adamdan çəkmədən baxırdı. İki ay əvvəl mətbəxin qapısına çatar-çatmaz özündən gedib yerə sərilən bu müəmmalı adamın adı hər kəsin dilinə “Ac adam” kimi düşmüşdü.
Hasibə onun qarnını doyurmuş və acından ölməkdən qurtarmışdı. Lakin Məfharətin beynində şübhə istehsal edən fabrik cəmi iki gün sonra işləməyə başlamışdı. Ac adam həftədə bir, sonra iki dəfə gəlir, Hasibənin yanında ən ac insanın belə bol-bol yemək yeyib doyması üçün keçirə biləcəyi müddətdən daha uzun zaman qalırdı.
– Baxaq görək indi nə qədər qalacaq, – Məfharət dilləndi.
Bəsim ac bir adam üçün gombul Hasibənin əsmər və yağlı bədənində sözün hər mənasında yaxşı ləzzətlər tapıla biləcəyini inkar etmirdi. Yəni bacısının şübhəsi boş yerə deyildi. Lakin ev sakinlərinin yeməyindən qalan artıqların bu adama verilməsinə səsini çıxarmayıb Hasibənin bədəninin qeydinə qalmağın, buna əsəbiləşməyin mənası yox idi.
– Nəyimizə lazımdır, – dedi, – bir-birlərindən xoşları gəlirsə, bizə nə?
Məfharət öz ağır bədənini şezlonqdan qaldırmaq üçün boş yerə hıqqandığı vaxt, az qala, pıçıltı ilə dedi:
– Bircə elə bu qalmışdı, bircə bu əskik idi!
Ac adam quyunun yanındakı mətbəx qapısına doğru vərdiş etdiyi rahatlıqla və sakit addımlarla getdi. Bəsim mızıldandı:
– Artıq hərif lap ailənin bir üzvü kimi davranır.
Elə bu vaxt arxadan ayaq səsləri eşidildi. İkisi də başını çevirdi. Səlmin balkon qapısının ağzında dayanmışdı. Məfharət ona avtoritarlığının əl-qolunu bağladığı bir şəfqətlə:
– Qızım, – dedi, – Ac adam yenə gəldi. Mən çox yorğunam. Qolumu belə tərpədə bilmirəm. Sən bunları güdərsənmi? Amma elə et ki, başa düşməsinlər. Baxaq görək bu qədər vaxt ərzində nə iş görür, nə haqda danışırlar. Yaxşılıq edirik deyib, evin içinə axmaq adamları salmış olmayaq…
Səlmin balkondakı alçaq və kiçik kresloya doğru gedərkən ağızucu dilləndi:
– Mən bilirəm neyləyirlər.
– Nə bilirsən? Haradan bilirsən?
Səlmin bu dəfə sualı cavabsız qoydu. Məfharət qızına qarşı indi nə qədər də yumşaq idi. Bəsim Səlminin bu xoş rəftara görə Aydının baş ağrılarına borclu olduğunu çox yaxşı başa düşürdü. Amma ruhundakı şəfqət və nəşə dolu anlar çox qısa sürən Məfharətin əcaib-qəraib ruh iqlimində beş dəqiqə sonra nə ola biləcəyini, hansı fırtınalar qopacağını əvvəlcədən anlamaq mümkün deyildi. Səlminin parlaq zəkası hələ ki yuxu buludları arasında itib-batmamışdısa da, anasının coşmaq üçün bəhanə axtaran qəzəbini Ac adama tərəf yönəltmək üçün əlinə əsl fürsət düşmüşdü… Fürsət elə bu fürsət idi. Ağıllı qız olsaydı, əslində, tez aşağı enib qulağına dəyən dörd-beş kəlmədən Məfharəti özündən çıxara biləcək bir əhvalat quraşdırması lazım idi. Amma gedib kresloda əyləşdi, bu isə onun əlinə düşən fürsətin fərqinə varmadığını göstərirdi. Bəsim bacısı qızını özünə gətirmək üçün dedi:
– Doğrudan ha, bu hərif kimdir belə? Aclığından və adam olduğundan başqa haqqında heç nə bilmirik. Həftədə iki dəfə axşam gəlib evimizdə qarnını doyurur. Yerdə qalan günlərdə ne iş görür? Elə acmı qalır? Heç bir işlə məşğul olmurmu? Heç olmasa, hər axşam gəlsə idi… Diqqət edirəm, deyəsən, xəmir şirnisi və rəvanə olan axşamları fürsəti heç əldən vermir. Elə bil əvvəlcədən ona xəbər verirlər… Hasibə ilə aralarının çox yaxşı olduğu elə bundan da bəllidir. Lakin ablamın haqqı var. Hərif gecələrin birində hamımızı qiymə-qiymə doğraya da bilər. Gedib gözünün odunu almaq lazımdır. Ablam üçün də başını qatacaq yeni bir mövzu çıxar.
Səlmin inadla heç bir şey anlamırmış kimi dilləndi:
– Yox, elə adam deyil, – dedi.
Sonra da əlavə etdi:
– Çox yaxşı adamdır.
Məfharət birdən-birə üzünü qızına tərəf çevirdi:
– Yaxşı adamdır? Sən haradan bilirsən? Yaxından gördünmü heç onu?
Qız cavab vermədi. Səlminin oyununu başa düşən kimi olan Bəsim ürəyində sevindi: “Bu daha parlaq fikirdir!”
Məfharət qaranlıqda Səlminin üzünü görə bilmək üçün başını ona tərəf uzadaraq dedi:
– Nə bilirsənsə, danışsana!
Qız müəmma dolu dolğun və donuq bir səslə təkrar etdi:
– Bilirəm də… Bilirəm…
Bəsim ürəyində: “Bu da yaxşıdır, məchul bir cavabla qarşındakını narahat qoymaq”. Sonra da bacısını lap şübhələndirmək üçün hündürdən dedi:
– Var, – dedi, bu işin içində bir sirr var. Bayaq fikir verdim, hərifin əlində ağır paket gördüm. Güclə daşıyırdı. Görəsən o nə idi elə? Bomba filan olmasın ha…
Məfharət ayaqlarının ikisini də yerə dirəyərək bədənini bir qədər irəli çəkdikdən sonra eyvanın məhəccərindən yapışdı və güclə ayağa qalxaraq:
– Yoooox, – dedi, – mən evimin içində nə olduğunu öyrənməliyəm. Eyibi yox… Özüm gedərəm.
Məfharət uzaqlaşar-uzaqlaşmaz Bəsim qıza tərəf dönərək dedi:
– Ananın qəzəbinin yolunu azdıracaq bir fürsət keçdi əlimizə. Sən özün aşağı düşüb qarışıq bir əhvalat uydurmalı idin. Dedi-qodu aylarla davam edər, ablamın diqqəti səndən yayınardı… Niyə getmədin?
Səlmin hər məsələdə olduğu kimi, bu dəfə də əsas xasiyyəti olan inadkarlıqla kəsə cavab verdi:
– Belə daha yaxşıdır…
Məfharət ikinci mərtəbədən aşağı enən dar pilləkənlərin başında dayandı. Əgər indi ensəydi, pilləkənlər həddindən artıq səs çıxarıb cırıldayacaqdı. Hələ lap birinci pillə… Fişəng partlayırmış kimi cıyıltılı bir səs çıxarmaq adəti var idi…
Qadın ağır bədəninə baxmayaraq, aşağıdakılara heç bir şey hiss etdirmədən səssizcə aşağı düməyin mümkünsüz olduğunu anladığı vaxt yaxınlaşmaqda olan fit səsi eşidildi. Qatar gəlirdi… Bir qədər sonra onun gurultusu pilləkənlərin cırıltılı səsini eşidilməz edə bilərdi. Ona görə də gözlədi və aşağıya qulaq verib dinləməyə başladı.
Mətbəxdən qab-qacaq səsləri gəlirdi. Ac adam yeməyini yeyərkən Hasibənin çirkli qab-qaşığı yuduğunu təxmin etdi. Bir az da gözlədi. Qatar yaxınlaşır, gurultusu ilə evi əməllicə silkələyirdi.
Nəhayət, fürsətdən istifadə edən Məfharət qaranlıq pilləkənlərlə ağır-ağır aşağı endi. Bu fikir yaxşı ağlına gəlmişdi. Qatarın çıxardığı gurultunun içərisində pilləkənlərin cırıltısı güc-bəla ilə eşidilirdi. Heç kəs buna fikir verməyəcəkdi…
Pilləkənlərin altı da qaranlıq idi. Mətbəxə gedən ara dəhlizin lampası yanırdı. Hasibə orada yatırdı. Məfharət yarıaçıq qalmış qapıdan içəri boylandı. Aralıqdan mətbəxə gedən qapı sona qədər açıq qalmışdı. Lakin qadın da, hərif də gözə dəymirdilər.
Məfharət qulaqlarını şəklədi və gözlədi. Aşağıdakılar danışmırdılar. Aradan xeyli zaman keçdi. Birdən-birə mətbəxdən çıxıb bura gəlsəydilər, Məfharət nə isə axtarırmış kimi görünmək üçün əlini sağ tərəfdəki kamutatora yaxın tutmuşdu. Nəhayət, Hasibənin səsini eşitdi:
– Rəvanə yaxşı alınıbmı?
Cavab verməyən adam ağzının dolu olduğunu bəlli edən bir səs çıxardı. Yenə uzun zaman heç kəs heç nə danışmadı. Sonra yenə də Ac adamın səsi eşidildi:
– Sənin dolabının açarı yoxdurmu?
– Yox… Narahat olma, indi aparıb çarpayının altına qoyaram… Onu gizlətmək üçün sonra bir yer taparam.
Hərif yalvarmağa başladı:
– Amanın bir günüdür, Hasibə, bu məsələ ilə zarafat eləmək olmaz… Özün bilirsən də.
– Narahat olma, məgər ilk dəfə gördüyüm işdir?
İkisi də susdular. Aradan qısa müddət keçdi. Deyəsən, söhbət edirdilər. Lakin yandakı köşkün köpəyi hürməyə başladığı üçün Məfharət nə danışdıqlarını eşitmədi. Hürüşmə səsi davam edirdi. Köpək susduqdan sonra da Məfharət xeyli müddət gözlədi. Hasibə soruşdu:
– Şəkərli istəyirsən?
– Yox, istəmirəm. Daha çıxım gedim. Saat on birdə maşın gələcək. On iki ilə bir arasında Muradla Sirkəçidə stansiyanın qarşısında görüşməliyik.
Məfharət Ac adamın bağçadan gələn ayaq səslərini eşitdi. Yenə bir müddət gözlədi. Hasibə güclə daşıdığı paketi götürərək ara dəhlizə keçdi. Məfharətin dayandığı yerdən onun çarpayısı görünmürdü. Sonra qadın Məfharətə tərəf gəldi. Bütün diqqəti paketdə olduğu üçün ev sahibəsinin olduğu yerə heç baxmadı da. Sonra yenidən mətbəxə qayıtdı. Yuxarıdan Bəsimin qəhqəhələri eşidilirdi. Ac adam haqqında ağlına gələn ilk şübhəli fikrin boş çıxdığını görən Məfharətin ürəyindən keçdi ki, geri qayıtsın: “Boş yerə şübhələnmişəm… Sən demə, aralarında heç bir başqa münasibət yox imiş. Amma çox yaxın adam kimi danışırdılar. Həm də o paketdə nə idi axı? Nə var idi içində?” O kişi nə dedi elə? “Amanın bir günüdü, Hasibə, zarafat ediləsi şey deyil”, – dedi də…”
Qadının cavabını xatırlayanda da Məfharətin ürəyi bulandı. “Narahat olma, ilk dəfə gördüyüm iş deyil ki”…
“Görəsən, nə iş idi ki bu?”
İlk şübhəsinin boşa çıxmasından utanan Məfharət ürəyinə gələn ikinci şübhə haqqında düşünməkdən çəkinirdi. Bu barədə yuxarıdakılarla söhbət etmək keçdi ürəyindən. Bəsim, yəqin ki, ona lağ edəcək, paketin içərisində bomba olduğunu söyləyəcəkdi.
Məfharət çox yorğun idi. “Artıq qoy bu məsələ elə burada da qalsın. Paketin içində də nə varsa, var”, – deyə düşündü. Pilləkənə doğru getdi. Amma ilk pilləyə ayağını atmazdan əvvəl dayandı. Ağlına gəldi ki, Hasibə ilə kişi çox yaxın adam kimi danışırdılar.
“İki ay… Az müddət deyil… Olur da… Camaat belədir. Tez bir zamanda bir-biri ilə yaxınlaşırlar”.
İki pillə də qalxdı. Sonra yenə dayandı. “Paketi nə üçün gizlətmək istəyirdi, görəsən?”
Əsasən də, qadının sözləri ürəyini bulandırırdı: “İlk dəfə gördüyüm iş deyil ki…”
Nə işi? Soruşsunmu? Soruşsa, iyrənclikdir axı… Birdən bəsit, mənasız bir şey olarsa?
İki pillə də çıxdı.
“Narahat olma. İlk dəfə gördüyüm iş deyil ki…”
“Hərifin iki ay əvvəl mətbəxin qapısı ağzında yıxılıb özündən getməsi yalan idi onda? Sonra o maşın, Murad-filan məsələsi nə idi, görəsən? Deməli, Hasibə bütün bunları bilir. Əgər soruşsa, nə olacaq? Qapı arxasından onlara qulaq asdığı meydana çıxacaq. Elə etmək olmaz. İyrənclikdir… İyrənclik də deyil, bu ərəfələrdə Hasibəni itirmək çox pis olardı. Bir də ortaya xidmətçi məsələsi çıxmasın. Səhər onun ağzını arayaram. İndi gedim yaxşıca yatım. Bu gün çox yoruldum. Ancaq yuxuya gedə biləcəyəmmi?”
Gedə bilməyəcəkdi. Diqqəti bir dəfə nəyəsə ilişdisə, yuxuya gedə bilməyəcəkdi. Hər şeyi öyrənməli idi.
Dayandı. Yaxınlıqdakı evlərdən birində əl çalaraq mahnı oxuyurdular. Ya da oyun havası idi…
“Camaat öz kefində, damağında.... Nə axmaq xasiyyətim var, ya rəbbi! Nə üçün özümü bu şübhələrdən, vəsvəsələrdən xilas edə bilmirəm? Anam rəhmətlik də belə idi”.
Arxasında ayaq səsləri eşidildi. Geri çevrildi. Hasibə pilləkənaltı arakəsmənin işıqlarını yandırmışdı, qabları dolaba yerləşdirirdi. İndi onu görəcəkdi. Artıq başqa çarə yox idi. Pilləkənləri aşağı endi. Mətbəx tərəfə gedən xidmətçi geri çevrildi və xanımı görən kimi ayaq saxladı.
Əvvəlcə xeyli baxışdılar. Hasibənin yuxarı dartınan qara qalın qaşlarının altındakı heyrət ifadə edən gözləri sola doğru axdı… Öz otağına sarı gözucu baxırdı… Sezmişdi, deyəsən… Hansısa təhlükədən qaçmaq istəyirmiş kimi mətbəxə tərəf azacıq meyilləndi, ancaq gedə bilmədi. Məfharət ona yaxınlaşdı. Xidmətçi qorxmuş kimi ürpərdi və başını qaldırdı. Gözlərini sanki içinə nəsə düşübmüş kimi qırpdı.
Məfharət bir az da yaxınlaşıb soruşdu:
– Getdimi?
Hasibə xanımının bu sualı nə üçün verdiyini anlamaq arzusunun təsiri ilə diqqətlə ona baxdı:
– Getdi.
– Nə söylədi sənə?
Xidmətçi başını aşağı saldı, önünə baxdı. Bir az düşündükdən sonra çiyinlərini atdı:
– Heç nə…
Məfhartə ara dəhlizə doğru yüyürdü, qapının ağzında ayaq saxladı. Hasibəyə tərəf çevrilərək qaşlarını çatdı:
– Nə var idi o paketdə?
Xidmətçi özünü itirmədi.
– Bilmirəm ki… Deyəsən, hansısa sənədlər var, – dedi, – Hadıköyə aparmalıdır… Elə dedi… Nə olduğunu soruşmadım. Beş-on qəpik qazanmaq üçün beləcə gətir-götür işləri ilə məşğuldur. Ora-bura yük daşıyır.
Məfharət tərəddüd hissi keçirdi. Soruşmalı olduğu bir söz qalmışdımı, görəsən? Bir az fikirləşdi, amma tapa bilmədi. Aşağı onları güdmək üçün düşdüyünü gizlətməyə çalışdı. İşə yaraya biləcək yalan axtardı və birdən xatırladı.
– Qara kəmərim sənin gözünə dəyməyib ki? Mən, deyəsən, səhər-səhər paltarımı ütüləmək üçün aşağı düşəndə onu çıxarıb buralarda bir yerə qoymuşdum.
Hasibə yenidən insanda şübhə yaradacaq bir həyəcanla bağırdı:
– Hə, əlbəttə, burada, buradadır!
Sonra öz otağına qaçaraq kəməri tapıb gətirdi. O, Məfharətə lazım olduğundan daha çox sevinirmiş kimi göründü. Sorğu-sualdan qurtulduğunamı sevinirdi, görəsən?
Məfhərət bir şey söyləmədi və kəməri götürüb yuxarı qalxdı. Görək hələ bir onlar nə deyəcəkdilər. Lakin Bəsim çox həyəcanlı idi. Ağabəyinin önündə, ayaq üstündə, əl-qolunu ata-ata nə isə izah edirdi.
– ....dən gəlsə nə faydası var? Bunların hamısı nəzəriyyədir. Mən hələ indiyənə qədər həyatla uyğun gələn bircə iqtisadi nəzəriyyə belə görmədim. Dövlətçilik etməyən liberal rejim, az-çox sərbəstlik verməyən dövlətçi rejim, mülkiyyəti kökündən qazımış kommunist idarə orqanı, proqramını son cümləsinə qədər tətbiq edən hansısa sosialist hökumət də, həmçinin… Evdəki bazar çarşıya uymur. Həm də, əfəndim, anlamadığım bir məsələ var. Nə üçün cəmiyyət, dövlət fərdin bəhanələrinə, tənbəlliyinə, bacarıqsızlığına, qabiliyyətsizliyinə görə məsuliyyət daşısın ki? Bizim mətbəximizə pişik kimi dadanan Ac adam öz xətalarınınmı, ictimai nizamınmı qurbanıdır? İşsiz qalmaq çox zaman tənbəlliyin, əxlaqsızlığın, bacarıqsızlığın cəzası deyilmi? Sendikatlar və ya sosialist dövlət bu cəzanı mükafata çevirir, işsizləri bəsləyir, yedirdir, içirdir… Bax mən bunu anlamıram.
– Çünki işsizlik kapitalist cəmiyyətinin problemlərindən biridir. Kütlə halında olsa belə, iqtisadiyyatın başqa cəbhələri gözə görünmür. Ac adam yaxşı misal deyil. Çünki təkdir. Bir çox individual xüsusiyyətləri ola bilər. Onu mütləq şəkildə yanlış qurulmuş sosial bir nizamın qurbanı kimi qəbul edə bilmərik. Çünki o öz əxlaq və ya iradə xətalarının günahkarı da ola bilər. Gəl onu bir kənara qoyaq. İşsizi deyil, işçini alaq. Onun qazancı istehsaldakı rolunun qarşılığı olaraq düzgün müəyyən edilirmi? Necə fikirləşirsən?
– Bu məsələdə ölçü yoxdur.
– Elə deyil… Mən deyim… Qazancı əziyyətinin tam şəkildə qarşılığı deyil. Yaxud belə də demək olar: bir çox işçilər üçün deyil… Çalışanlar və sərmayəçilər arasında qazanc fərqləri böyükdür. Ölçüyəgəlməzdir… İqtisadi narahatlığın da məhz bundan yarandığı bəllidir. Qəbul edirsənmi?
Bəsim balkonun məhəccərinin yanında arxasını ağabəyinə çevirərək bir neçə addım atdı, sonra geri döndü və cavab verdi:
– Bəli, kasıb-varlı fərqi aşkardır… Həmçinin fərq böyükdür… Haqsızlıq olduğu da bəllidir. Beş qəpiyə dəyməyən həriflərin milyoner, dəyərli adamların kasıb olduqları da açıq-aydın görünür. Bütün bunlar məlum məsələlərdir. Amma çarə nədədir? Sən onu söylə. Axı mülkiyyətin aradan qalxacağına inanmırsan.
– Buna ehtiyac da yoxdur… Daha doğrusu, insanı istehsaldakı rolunun təbii nəticəsindən məhrum etməyə ehtiyac yoxdur.
– Onu anladıq. Mən “çarəsi nədir?” soruşuram. Tətbiqi mümkün olacaq bir şey söyləməsən, ağlım heç nə kəsən deyil. Nəzəriyyələrlə heç aram yoxdur.
– Çarəsi qazancı müəyyən etmək, hər kəsə haqqı olanı verməkdir. Amma fərqli mirdarlarda deyil… Çünki insanların istehsaldakı rolları və cəmiyyətə verdikləri xeyir eyni olmur. Ləyaqətlə qazanc bir-birinə uyğun gələrsə, həsrəti çəkilən sosial ədalətə qovuşmaq yalnız o zaman mümkün olacaq.
Bəsim əllərini havada yelləyərək bağırdı:
– Yaxşı, amma necə? Necə? Bütün bunları kim müəyyənləşdirəcək?
– Sindikalatr, təşkilatlar, dövlət… Kim olursa olsun… İnsanda təşkilatçılıq dühasının bu qədər irəlilədiyi bir dünyada paylaşma və tənzimləmə sistemu müəyyən etmək bu qədərmi çətindir?
– Sən tapdınmı? Tanrısı olduğun dünyada bütün bunlar tətbiq edilirmi?
Səmim gülümsədi:
– Mükəmməl şəkildə edilir, – dedi, – orada sərmayə sahibi gəlir deyil, sadəcə, risk haqqı əldə edir. Əgər qurduğu işdə çalışırsa, qazancı layiq olduğu həcmdə olur. Balansları fabrikin işçi nümayəndələrindən ibarət mürəkkəb bir idarə məclisi araşdırıb müəyyənləşdirir və təsdiq edir. Əldə edilən qazancı da o paylaşdırır. Qanunvericilik buna görə müəyyən olunur. Dövlət “qazancın nizamlanması” qanununu böyük bir diqqət və ehtiyatla tətbiq edir. Onun vəzifəsi budur. İxtilafları, münaqişələri qazanc məhkəmələri həll edir. İctimai sığorta ömrünün sonuna qədər baş verə biləcək neqativ hallara qarşı işçinin təhlükəsizliyini təmin edir… İşsizlik yoxdur. Sərmayə sahibi tərəfindən istismar edilmək də yoxdur. Lakin hər kəsin öz bacarığına uyğun, layiq olduğu səviyyədə mülkiyyəti var. Kasıb bugünkü dünyamızda olduğu qədər kasıb deyil. Zəngin də şahzadələr sinfinin ərköyün vəliəhdi ola bilmir. Qazanc fərqi nizamlanmış və azalmışdır.
– Bəs bizim kimi miras yeyənlərə qarşı necə davranırlar?
– İşləməmək yasaqdır. Hər gəlir sahibi istehsalda sərmayəyə xidmət göstərməyə dəvət edilir. Banklardakı depozitlərin yüzdə səksəni əsl və ehtiyat sərmayələrdir. Şəxsi sərvətlər müəyyən həddi keçə bilməz.
Şezlonqa uzanan Məfharət Ac adamın paketi haqqında fikirlərini dinləmək üçün iki qardaş arasındakı münaqişənin bitməsini gözləyirdi. Lakin göz qapaqları ağırlaşmışdı. Yuxusu gəlirdi. Aradabir Bəsimin birdən-birə yüksələn səsi olmasa, yəqin ki, yuxuya gedəcəkdi.
– Yaxşı… O başqa məsələdir! Qiymət arasındakı fərqin məhdud sayda adamların əlində toplanmasına…
Məfharət danışılanların bir qismini eşitmir, yuxuya dalırdı. Gözləri tamamilə qapanıb yuxuya getməyə başladığı an yenə də Bəsimin səsi onu oyadır, lakin bu səfər də beynini bürüyən yuxu buludlarının arasında yalnız bəzi kəlmələri duya bilir, cümlələrin hər birinə aid olan mənaları qavramaqda çətinlilk çəkirdi.
– Kirəc yığınından… olur… arxasından… məncə elə deyil, qətiyyən… Çin nümunəsi göstərir ki… bu sürətlə… istehlakdan… düyü tarlalarında…
Səs uzaqlaşır, yuxu buludlarının getdikcə kiçilən dəlikləri arasında kəlmələr də mənasız hecalar halına düşürdü…
– Sanç… Yor… Cek… Şanrr… Di…
***
Qaranlıqda oyandı. Başında bir ağırlıq var idi… Neçə zaman idi ki, belə… Yerinə uzanar-uzanmaz yuxuya gedir, dörd-beş saat sonra oyanırdı. Bəlkə də, təzyiqdəndi… Kaş ki dünən axşam Səbridən soruşa idi. Yuxu dərmanının da heç bir faydası olmurdu. Yuxuya getməsinə gedir, amma tez qalxmamağın çarəsini tapa bilmirdi. Sonra qulaqlarında bir uğultu yaranırdı… Anası da belə hallardan şikayət edirdi. Demək, irsi məsələdir…
Baş tərəfdəki düyməyə basdı və qol saatına baxdı. Altıya az qalırdı. Günlər qısalmışdı. Hava hələ də qaranlıq idi. Bir siqaret… Qorxurdu… Həkim gündə beş dənədən artığını çəkməyə icazə vermir. Hələ ac qarnına – qətiyyən! Özünü saxlamağa qərar verdi. İstəyi isə getdikcə artırdı… “Qoy çəkim, nə olarsa-olsun”.
Baş tərəfdən bir siqaret götürdü və yandırdı. Aydın indi yuxuda idi… Onun haqqında düşünmürdü də… Səlminlə dünənki davasını xatırladı. Ayıldıqdan sonra niyə mən o həyasızın həddini bildirmədim?
“Sən bunu heç bir zaman öyrənməyəcəksən!”
“Son günlərdə çox cürətlənmişdi. Nə üçün gizlədir, görəsən? Necə şübhələnməyim? İnsan gizlənəcək şeyi gizləmirsə, gizlənməyəcək şeyi gizlədərmi? Deməli, ad söyləməyə cəsarəti çatmır. Görəsən, nə düşünür yezid? Artıq məni tamamilə heç bilir. O sarı ilanı bu evə soxmaq istəmədiyim gündən bu yana mənə düşmən kəsilib. Onunla da dalaşıbmış, sən demə. Əgər belədirsə, mənim günahım nədir? Sırf mənə inad üçün getdi başqa birinin qoynuna gedib girmək nə deməkdir? Yalnız mənə inad olsun deyə… Məni özümdən çıxarmaq üçün… Elə bir donuzdur bu qız… Gizlədiyi də mənim ağabəyimdir, yəqin ki… Offff.... Nə iyrənc işdir… Allahım, nə biabırçılıqdır bu! Yenə qan beynimə vurur! Eləyə bilmərəm mən, Bəsim kimi ola bilmərəm! Eyni ata-ananın övladlarıyıq, amma mən anama oxşayıram… Sakit qala bilmərəm. Hövsələm çatmaz. Ölsə də bu qız, yenə də gözümdən bir damla yaş çıxmaz… Mən ancaq onun xətrinə ailə qurmadım. Səkkiz il dul qaldım, düz səkkiz il…
Aşağıdakı böyük salonda Məmduhun ona necə yalvardığını xatırladı: “Bədbəxt olacağam. Məfharət, yaxşı-yaxşı fikirləş, ağzından çıxan bir söz həyatımı cənnətə də çevirə bilər, cəhənnəmə də. Yaxşı düşün. Neçə illər səbr etdim, neçə illər gözlədim… Ayaqlarından öpüm…”
“Yox”, – dedim. “Ola bilməz”, – dedim. Özü də elə bu yezid qızı düşünərək… Bu nankor üçün həm bir adamı bədbəxt etdim, həm də özümü. Ax, bu başım! İndi mənə qarşı ən sevmədiyim, ən istəmədiyim hərəkətləri edir. Vallah biabırçılıqdır! Ağabəyim olsun, ya başqa biri, nə fərqi? İstənilən halda biabırçılıqdır! Dəhşətdir! Mən bunu qətiyyən həzm edə bilmərəm. Yediyi nanəyə bir bax… Utanmadan üzümə qarşı: “Sən bunu heç vaxt öyrənə bilməyəcəksən!” – deyir. Vay həyasız, vay! Nə olacaqdı ki? O pulsuz-parasız adamla evlənəcəkdi də? Guya o sərsəri onu sevirdi ki? Özü bunu başa düşdüyü üçün onunla əlaqəsini kəsmədi məgər? Lap yaxşı, deməli, mən haqlı imişəm. İndi niyə mənə düşmən olur? Arada nəsə olub. Mütləq olub… Anlayacağam axır-əvvəl. Əgər inad edib deməzsə, vallah boğaram onu”.
Üzü od tutub yanırdı. Əlini yanağına doğru apardı. Başındakı ağırlıq artmışdı.
“Anam kimi bir gün mən də ürəktutmasından gedəcəyəm. Dözə bilmərəm. Kaş ki bu qızı doğduğum yerdə Allah canımı alaydı… İndi gedib onu oyandırıb bir az sıxışdıraram. Yuxunun sərsəmliyi altında hər şeyi söyləyər. Dilini açaram mən onun. Əlimdən canını qurtara bilməz. Anasıyam! Haqqımdır. Səkkiz il ona həm analıq, həm atalıq etmişəm. Nankor! Nəyin əskikdir sənin, bir desənə! Çiçək kimi böyütdüm səni mən! Bir dediyini iki eləmədim. Qəsəbədə gör sənin kimi geyinən qız var? Baxsana, bir dəfə heç olmasa bu zənginlərə… Əcnəbilərə də bax… Romler qızını basma əntarilərlə dolaşdırır. Zavallı Janettanın bir zəngin qızı olduğunu əyin-başından kim anlaya bilər? Kamran bəyin qızını desən, o da eyni halda… İki ildir ki, bir velisoped istəyir, amma milyoner atası almır. Mən sənə velisoped, stol, pinq-ponq stolu – nə istədinsə, aldım. Fransız məktəbi dedin, göndərdim. Bir zamanlar “Paris” deyə əl çəkmədin, ona belə razı oldum. O çiyan çıxdı ortaya, sən getmək istəmədin. Belə bir ananın ürəyini partladacaq hərəkətlər etmək olarmı bəs? Tfu sənə, nankor! İndi görərsən! Heç eyibi yox! Göstərəcəm sənə mən!”
Məfharət yatağından qalxdı, tərliklərini və kimonosunu geyindi. Güzgüyə baxdı. Saçları dağılmış, pırpızlaşmışdı. Darağını aldı, lakin o dəqiqə də əlindən yerə qoydu. “Qoy məni belə əcinnə kimi görsün, lap yaxşı… Daha çox qorxar, – dedi ürəyində. – Səhər-səhər təpəsindən vurar bu qorxu… Bəlkə, həyəcanın bir təsiri oldu. Ondan istifadə edərəm. Mışılmışıl yatdığı yerdəcə dəli edərəm, yatağından hoppanıb qalxar, bəlkə, o zaman ağlı başına gələr”.
Otağın qapısına doğru getdi, sonra ayaq saxladı. Başı qazan kimi idi.
“Birdən yenə də özündən çıxıb hirslənər və özündən gedər, onda necə?”
Bəzək masasına doğru getdi, gözü ilə seditol16 qabını axtardı. Tapa bilmədi. Aşağıda, aptek dolabında olmalı idi. Əsəbləşərmi, görəsən? Bayaq oyandığı vaxt ürəyi çox sürətlə döyünürdü.
“Nə olacaqsa olsun… Gedirəm, Allah kərimdir”.
Dəhlizə çıxdı. Qaranlıq idi. Bircə çıqqıltı belə eşidilmirdi… İrəli yeridi. Səlminin otağının qapısında ayaq saxladı. Bağlıdırmı, görəsən? Əlini qapının dəstəyinə doğru uzatdı, amma tez də geri çəkdi. İçəriyə qulaq verdi. Lüzumsuz idi… Nə duyacaqdı ki? Bayaqkı cəsarəti də yox olmuşdu elə bil.
“Nə üçün? Mən ona görə yuxusuz qalıram ki… Qoy o da partlasın, oyansın”.
Dəstəyi çevirdi. Qapı bağlı deyilmiş. Tələsik itələyib açdı. Dayandı. Qaranlıq otaqda ağ mebellərin bəyazlığı və qarderob güzgüsünün parıltısından başqa heç nə görə bilmədi… Pəncərədə tünd bir mavilik görünürdü, sadəcə… Xəfif bir lavanda qoxusu gəlirdi bir də…
“Nə münasibət?!”
Yatağa tərəf boylandı. Yorğan kənara çəkilmişdi, altında isə heç kim yoxdu… Bu səbəbdən də yataq ona həddindən artıq ağ göründü.
“Yatağında deyildimi bu qız?”
Tez əl atıb işığı yandırdı.
“Aaaa..! Yoxdur, vallah, yoxdur. Hara gedib, görəsən, bu səhərə yaxın bir zamanda?”
Ətrafa göz gəzdirdi. Bəzək masasının qarşısındakı stulun üstündə kimanosu, yatağın ayaq hissəsində isə pijamasının yalnız şalvarı, bir kreslonun üstündə isə də axşam geyindiyi basma əntarisi var idi. Nə qədər çox siqaret çəkmişdi… Çarpayının yanındakı stulun üstü siqaret kötükləri ilə dolu idi.
“Səhərə qədər yatmadımı o? Hara getdi görəsən? Gecə paltarı ilə çıxmışdı. Ağabəyimin otağında olmaz ki? Ah, vallah ağlımı itirəcəyəm. Həm də bu lavanda ətri haradandır belə? Elə belə də vurmayıb ha… Əməllicə çimib ətirlə. Vallah da, billah da, bu qız kiminsə yanına gedib. Ağlımı itirəcəyəm…”
Dəhlizə çıxdı. Ayaq saxladı. Ürəyi bərk-bərk döyünürdü. Qarşı sıradakı otaqların qaranlıqda belə parlayan bəyaz yağlı boya ilə rənglənmiş qapılarına baxdı. Qulaqlarındakı uğultu artmaqda idi. Birdən-birə: “Səlmin”, – deyə bağırmaq keçdi ağlından. Amma özünü güclə də olsa, saxladı. Bu dəqiqə qardaşının otağının qapısından içəri boylanmağa belə cəsarəti çatmazdı. Şübhəsinin bu qədər canlı və yaxın bir məsafədə özünü göstərmiş olması onu ağlını itirdəcək qədər də qorxudurdu.
“Səmim! Aman ya rəbbi! O lavanda! Səhərin alaqaranlığında…”
Heç bir şey etməyə gücü çatmadığı üçün dəhlizdə ora-bura gəzişməyə başladı. Barmaqlarının ucunda yeriyir, aradabir ayaq saxlayır və qulaqlarını şəkləyirdi. Köşkün içində elə bir səssizlik var idi ki, sanki bura yerin yeddi qat altı idi.
Getdikcə qaranlıq azalırdı. Qapıların bəyazlığından başqa, tavandakı çilçıraqlar da ağarır və parlayırdı. Divarlardakı rəsm əsərləri yavaş-yavaş görünməyə başlamışdı. Uzaqdan qatar fiti və zəng səsi eşidilirdi. Birdən-birə ağlamaq keçdi ürəyindən. Bu zəng səsi onun içində yaşadığı şübhənin çirkin aydınlığı ilə ruh və əxlaq təmizliyi arasındakı fərqi dözülməz hala gətirirdi. Dərhal bir məscidə qaçıb, sadəcə, yerə çökər, hönkür-hönkür ağlaya bilərdi.
“Ya rəbbim, mənə qüvvət ver”.
İrəli getdi. Qardaşının otağının qapısına yaxınlaşdıqca ürəyi zəbtedilməz halda çırpınmağa başladı. Elə bil bu dəqiqə rezin top kimi sinəsindən sıçrayıb çıxacaqdı. Ayaqları öz-özünə onu ardınca irəli sürükləyirdi.
Otağın qapısının önündə ayaq saxladı və qulağını qapıya yaxınlaşdırdı. Oradan səs-səmir gəlmirdi. Lakin qulağındakı uğultu, ola bilər ki, incə səsləri və gurultuları eşitməsinə mane olsun. Açar deşiyindən içəri baxmaq ağlından keçdiyi an yerindən sıçradı. Qarşı tərəfdən –haradansa gur su səsi gəlirdi. Kimsə kranı axıra qədər açmışdı. Başa düşdü. Səlmin hamamda idi. Ürəyindəki xəcalət hissi şübhədən qurtulmasının ruhunu bürüyən rahatlığına kölgə saldı.
Çaşıb qaldı. İrəli getdi və yenə də ayaq saxladı. Öz otağına qaçıb getmək gəldi ağlına. Lakin nə üçün? Şübhəsini gizli saxlaya bilərdi. Bir neçə addım da irəlilədi. Bu vaxt burnuna lavanda ətri dəydi… İndi də bunun mənasını anlaya bilmirdi… Hətta hamam məsələsi də içinin şübhəsini qıcıqlandırmaqda davam edirdi…
“Bu saatda hamamda nə işi var idi bu qızın?”
Gözlərini qapıya zillədi. Nə edəcəyini bilmirdi. Gözlədi. Bir neçə addım da irəli doğru sürükləndi. İndi hamamın qapısı düz qarşısında idi. Suyun artıb-çoxalan şırıltısı yorğunlaşıb süstləşmiş diqqətini uyuşdurur, daha da keyləşdirirdi.
Səlmin hamam otağından çıxdı və qaça-qaça öz otağına tərəf getdi. Onu görmədi də. Qapısını açdı və heyrət içərisində dayandı. Yəqin ki, işığı söndürdüyünü xatırlamış və kimin yandırdığını düşünməyə başlamışdı.
Məfharət özünü irəli atdı. Ayaq səslərini hiss edən Səlmin başını çevirib anasını görən kimi əvvəlcə tərəddüd hissi keçirdi və qapını bağladı.
Məfharət də bir anlıq tərəddüd yaşadı. Şübhə və maraq hissindən daha çox qəzəbə bənzəyən bulanıq bir duyğunun təsiri altında irəli getdi, qapını döydü. Bir az gözlədi. İçəridə bir hərəkətlənmə olmayınca qapını təkrar taqqıldatdı.
Səlminin əsəbi səsi eşidildi:
– Nə istəyirsən?
– Aç!
– Əynimi soyunuram!
Qapı açılmadı. Məfharət belə bir saatda paltar dəyişdirməyin beynini döyəcləyən qarmaqarışıq mənaları içərisində eşələnməkdən ehtiyat edərək bir az da gözlədi.
Aradan ötən zaman ona çox uzun göründüyü üçün qapını təkrar döydü.
Cavab gəlmədi. Məfharət bu dəfə qapını yumruqladı və bağırdı:
– Aç, aç deyirəm sənə. Yoxsa pis olacaq!
Qapı açıldı. Səlmin kimonosunu çılpaq bədəninə keçirmişdi, indi də kəmərini bağlayırdı. Qaşları çatılmışdı. Anasına qəzəb dolu bur heyrət hissi ilə baxırdı:
– Səhərin bu vaxtında nə istəyirsən məndən?
Məfharət gözucu çarpayının aşağı tərəfində qıvrılıb qalmış alt paltarlarına ilə baxdı, hələ də qüvvətli bir lavanda ətri verən havanı qızının gözünə çarpacaq bir şəkildə ciyərlərinə çəkdi və soruşdu:
– Səhərin bu saatında bu nə ətirdir belə?
– Nə ətiri?
– Bu nə lavanda ətridir deyirəm sənə? Nə hamamlanmadır? Nə alt paltarı dəyişdirməkdir?
Səlmin anasının üzündə dolaşan diqqət dolu baxışlarını güclə qopararaq bəzənmə masasına doğru çevrildi və lavanda şüşəsinin döşəməyə dağılmış qırıqlarını göstərdi:
– Bir damla belə vurmadım, – dedi, – şüşəni göz önündən götürüb qarderoba qoyacaqdım. Əlimdən düşdü, qırıldı. Onsuz da, içində az idi, o da töküldü. Hamama da girməmişdim. Üzümü, boynumu yuyurdum.
Məfharət otağa girdiyi vaxt ayağı stula ilişdi.
– Günün günorta saatlarına qədər yatan bir adam niyə bu gün səhərin erkən belə vaxtında yuxudan oyansın?
Səlmin çarpayısının kənarında oturdu. Kimonosunun qabağından görünən dizlərinin üstünü örtərək dedi:
– Belə məsələlərə də qarışacaqsan? Nə olub səhər-səhər qalxmışamsa? Dünən gecə yuxuya gedə bilmədim, indi də erkəndən qalxdım…
Anası barmağı ilə siqaret kötüklərinin qalağını göstərərək:
– Bəlli olur, – dedi, – siqaret kötüklərindən hər şey bəlli olur…
– Əgər bəllidirsə, o zaman niyə soruşursan?
– Soruşaram, əlbəttə…
Məfharət verdiyi cavabın mənasızlığını anladığı üçün hücumunu yeni dəlillərlə təzələmək ehtiyacı hiss etdi. Qaşlarını çatdı, düşündü. Səlmin qarderoba tərəf gedib alt paltarı boxçasını çıxartdı. Anasının arxası ona tərəf idi. Kimononu çiynindən atdı və əlinin birini qarnının üstündə gəzdirərək güzgüdə çılpaq bədəninə tamaşa elədi.
Sonra sürətlə alt paltarını geyindi və üstündən də kimononu yenidən əyninə keçirdi. Gecə köynəyini çarpayının üstündən götürməmişdi.
Gəlib yenidən yatağının bir küncündə əyləşdi və siqaret yandırdı.
Məfharət sözə necə başlayacağını hələ də bilmirdi. “Mən sənin üçün səkkiz il dul qaldım”… Yox, belə başlamaq olmazdı… Bu pis bir başlanğıc olardı. İndiyə qədər çox demişdi bu sözü. Səlminin də cavabları məlum idi. “Qalmasaydın! Mən sənə yalvarmışdımmı? Atamın xətri sənin üçün heç bir məna daşımırdımı? Kaş ki bir dəfə də evlənəydin, mənim işimə də bu qədər qarışmayaydın…”
Xeyr, inadkarlığı tutduğu zaman bu qızı minnət altında qoyacaq nəsə söyləmək mümkün deyildi. Lakin Məfharətin ürəyində: “Nankor!” – deyə sözə başlamaq və “Nəyin əksik idi sənin? Belə bir ana haradan tapacaqsan bir də?” – deyə soruşmaq ehtiyacı var idi. “Nankor! Nankor!”
Yalnız bu kəlməni söyləsə, ürəyini doldurmuş böyük bir hiss külçəsini boşaltmış olacaqdı. Lakin birdən-birə “nə münasibət?” soruşa bilərdi qızı… Bu söhbətə başlamaq üçün nə isə giriş tapmaq lazım idi. İndi Məfharət onu axtarırdı. Bir bəhanə… Ondan çox, ondan bol nə var idi ki? Lakin elə bu dəqiqə, bir andaca bu ana, bu saniyəyə uyğun gələn bəhanə tapmaq çətin idi. Yadına heç bir şey düşmürdü.
Bundan daha çox susa da bilməyəcəkdi. Qızı bu dəqiqə onun belə bir vaxtda, günün bu saatında buraya gəlməsinin səbəbini anlamaq istəyən alçaldıcı baxışları üstünə yağdırırdı. Dərhal bir şey söyləmək lazım idi.
Düşünmədən soruşdu:
– Niyə bütün gecəni yatmamısan?
Səlmin cavab vermədi, qalxdı, siqaretinin külünü bir az kənarda duran külqabına silkələdikdən sonra çarpayısının ayaq tərəfindəki gecəköynəyinin şalvarını götürdü və ayağına keçirdi.
Məfharət də siqaret çəkmək istəyirdi. Lakin Səlmin siqaret qutusunu cibinə qoymuşdu. Ondan siqaret istəmək, haradan başlamaq lazım gəldiyi haqqında hələ düşünmədiyi bir davanın hazırlıq anında qızına kiçik bir üstünlük fürsəti vermək demək idi. Amma nə qədər istəsə də, gözlərini siqaret tüstüsündən ayıra bilmirdi.
Səlmin o dəqiqə bunu başa düşdü, siqaret qutusunu çıxardı və anasına doğru uzatdı:
– Çəkirsən?
Məfharət istəyin pəncəsində qıvranan bir qürurun boğduğu səslə:
– İstəmirəm, – dedi.
Səlmin onun içindəki mücadiləni gözləri ilə görürmüş kimi təkid etdi:
– Al, al! Sən bura mənimlə dalaşmağa gəlmisən! Bunu da siqaretsiz edə bilməyəcəksən. Ona görə də al!
Anası qızardı. İstəyi də, qüruru da eyni andaca yerlə bir oldu sanki. Otağına gedib öz siqaretini götürmək gəldi ağlına. Amma Səlmin onun bu hərəkətinə güləcəkdi… Hər şeyi başa düşən bu qızın ağlına qarşı hiss etdiyi heyranlıq, inadı ilə bağlı hiss etdiyi qəzəb, günahı ilə bağlı hiss etdiyi kin, qüruruna qarşı hiss etdiyi üsyan və bütün gecə ərzində onu yuxusuz qoyan iztirabları ilə bağlı hiss etdiyi analıq şəfqəti Məfharətin ruhunda qarmaqarışıq duyğular oyatmışdı. Qadının içi elə bir şəkildə silkələndi ki, nə edəcəyini bilmədi. Əlini siqaretə uzatdı, amma tez də götürmədən geri çəkib ayağa qalxdı. Amma sonra özünü birdən-birə boşluğa buraxırmış kimi kresloya çökdü və hıçqırmağa başladı.
Səlmin stola yayxanıb siqaretini söndürdü. Sonra ayağa qalxıb başını aşağı salaraq fikirləşməyə başladı. Üzü gərginləşmişdi. Gözü yaşlı anası onun da hönkürüb ağlamaqdan özünü güclə saxladığını yaxşı başa düşürdü.
– Bir yaylıq ver mənə, – dedi.
Gözlərinin yaşını silə-silə başını buladı:
– Görürsən də, nə haldayam?! Bir dəfə də olsun, fikirləşmisən heç? Anayam mən, ana!.. El-aləmin bir cavan oğlanını mənə qurban vermisən, çoxdurmu? Sənin xoşbəxtliyini düşündüyüm üçün onu istəmirdim. Onun səni sevdiyinə inanmırdım mən. Heç sən də onu sevmirdin… Mənə demişdilər, bilirdim. Onunla bütün münasibətləri qırdığını dedikləri vaxt çox sevindim. Belə olduğu halda mənim günahım nədir axı? Niyə mənə düşmən oldun? Niyə məndən hayıf çıxasan deyə ailənin namusunu bir qəpiklik edəcək hərəkətlər etdin? Kiminlə? Heç olmasa, bunu de ki, mən də narahatlıqdan qurtulum. Sonra da bunun çarəsinə baxarıq. Heç kim heç nədən xəbər tutmaz.
Səlmin dizlərini bir-birinə vururdu. Gözlərini düz qarşısına dikmişdi. Anası bir daha təkrarladı:
– Söylə. Bir çarəsini taparıq. Təki heç kim duymasın. Heç kim xəbər tutmasın. Bax, gör, nələrə razı oluram mən. Səni öldürmədiyimə şükür elə!
Səlmin çiyinlərini çəkdi. Alt dodaqlarını gəmirir, başını pəncərəyə tərəf çevirərək yavaş-yavaş içəri soxulan səhər şəfəqlərini dalğın baxışlarla süzürdü.
– Mən bunun çarəsinin tapılmasını istəmirəm.
– Nə edəcəksən bəs?
Qız yenidən gözlərini qarşısına dikdi və asta səslə dedi:
– Uşağı doğacağam.
Məfharət ağzını açdı, dərindən nəfəs alıb yerindəcə donub qaldı. Böyük həcmdə hava udduğundan sinəsi şişdi. Sonra birdən-birə nəfəsini boşaldaraq bağırdı:
– Sən ağlınımı itirmisən?
– İtaliyaya gedəcəyəm. Ya da Vyanaya… Bəlkə də, Parisə… Hələ ki qərar verməmişəm. Lakin gedəcəyəm. Orada doğacağam. Artıq Tarlabaşındakı dükana müştəri də tapmışam. Satacağam… Bir neçə min lirəm var… Əslində, satmasam da, keçinərəm. Qərarımı vermişəm…
Üzü birdən-birə qızarıb şişməyə başlayan Məfharət bədənini yuxarı dartdı, sonra özünü buraxdı. Əlini ürəyinin üstünə qoydu:
– Ay aman… – dedi və udqundu.
Başı hərlənirdi.
– Allahım, mənə qüvvət ver.
Bir dəfə də dərindən nəfəs aldı.
– Sonra? Sonra nə olacaq? Bicini doğub buramı qayıdacaqsan?
– Orada ailə quracağam. İki il keçəndən sonra ayrılıb gələcəyəm.
Məfharət arxasını qızına çevirdi və başqa biri ilə danışırmış kimi dedi:
– Vallah bunun ağlı başında deyil, gör bir nə axmaq-axmaq sözlər danışır? Vallah bu dəli olub.
Sonra üzünü Səlminə tərəf çevirərək əlavə etdi:
– Ay balam, sən nələr danışırsan? Məgər ər küçələrə tökülüb ki, sən də tapasan?
– Mən taparam, narahat olma.
– Əcnəbiyləmi evlənəcəksən? Sonra necə ayrılacaqsan ondan? Məgər ayrılmaq beləmi asandır?
Məfharət bu dəfə də tavana baxaraq:
– Vallah, billah bu qız ağlını itirib! – bağırdı.
Yerindən qalxdı, Səlminin cibindən siqaret qutusunu götürdü. Kibriti yandırdığı zaman əlləri titrəyirdi.
– Bütün bunları mənim acığımamı edirsən sən? Nişanlın ilə evlənməyinə razılıq vermədimmi deyə edirsən? Onu bu evdən qovdummu deyə? Yaxşı elədim qovdum. İstəyirsən lap pozğunxanalara düş. Yenə də o oğlanı bizim evə soxmağına imkan vermərəm.
Məfharətin bütün vücudu tir-tir titrəyirdi.
– Allahım, mənə qüvvət ver! – dedi. – İndi beynimə qan sızacaq. İflic keçirəcəyəm! Başım hərlənir. Bu qız məni öldürəcək. Ölsəm, canım qurtarar… Hər şey cəhənnəmə, yataq xəstəsi olacağam.
Səlmin ayağa qalxdı, anasının yanına bir stul da dartıb gətirdi və üstünə külqabı qoydu.
Məfharət onun biləyini havadaca tutdu:
– Dayan! Mənə söylə görüm hələ bir! Niyə bicinin atası kimdirsə onunla evlənmir, başqa birini axtarırsan?
Səlmin biləyini onun əlindən dartıb çıxarmağa çalışır, lakin bu hərəkətinə ciddi bir mübarizə mənası verməmək üçün son qüvvəsini xərcləmirdi.
– Onunla evlənmərəm, istəmirəm, – dedi.
Anası qızının biləyindən daha möhkəm yapışaraq özünə tərəf çəkdi:
– Niyə? Yoxsa o adam evlidir?
– Bilmirəm, bəlkə də…
Məfharət bu dəfə də qızının biləyini sıxmağa və bağırmağa başladı:
– Söylə! Tez ol de, görüm, “bəlkə” nə deməkdir? Evlidirmi, evli deyilmi?
Biləyini anasının əlindən çıxarmaq üçün var qüvvəsi ilə çabalayan Səlmin səs-küy qopardı:
– Burax, ana! Burax! Qolumu qıracaqsan! Burax deyirəm sənə!
– Qıracağam! Niyə qırmıram ki? Hələ başını da partladacağam sənin! Kimdir, tez ol, söylə!
Bundan sonra qız var gücü ilə qışqırmağa və yerində qıvrınmağa başladı!
– Ana, burax! Burax! Burax deyirəm sənə!
Məfharət bu dəfə hər iki əli ilə qızının biləyindən yapışaraq dırnaqlarını, demək olar ki, onun ətinə keçirmişdi:
– Söylə, sonra buraxacağam! Yoxsa əlimdən qurtara bilməyəcəksən!
Səlmin var qüvvəsi ilə silkələndikdən sonra:
– Burax, söyləyəcəyəm, – dedi.
Anası, nəhayət ki, onun əlini buraxdı.
Biləyi anasından qurtular-qurtulmaz arxaya səndələyən qız yatağın kənarında əyləşdi və qıpqırmızı kəsilən ətini ovxalamağa başladı. Ayağa qalxan anası hələ də bayaqkı sözlərini təkrarlayırdı:
– Söylə, kimdir? Evlidirmi? Subaydırmı? Kimdir axı o?
Dərin-dərin nəfəs alan Səlmin cavab verdi:
– Evli deyil.
Məfharət uzun zaman tərəddüd etdikdən sonra:
– Bu evin içindədir? Kimdir? – deyə soruşdu.
Səlmin anasının üzünə yüngülcə toxunaraq uzaqlara qaçan dalğın baxışlarla cavab verdi:
– Hə…
Sonra bir fəlakətin qarşısını almaq üçün həqiqəti bir qədər mübhəm saxlamaq istəyirmiş kimi əlavə etdi:
– Onun kimi bir şeydir.
– “Onun kimi bir şeydir” nə deməkdir belə? Anlamışdım onsuz da mən. Bu evin içindədir o adam. Sən qorxdun, ona görə sözünü dəyişdirmək istədin… Onsuz da, hiss edirdim. Bu evin içindədir. Bu dəqiqə ağlımı itirəcəyəm. Bu evin içində dayıların var ancaq. Hansıdır? Söylə, yoxsa boğacağam səni. Hansıdır? Ağabəyimmi?
Səlmin başını buladı:
– Yox!
– Bıs kimdir? Bəsimmi? Axı başqa kim var bu evin içində? Tez söylə, deyirəm sənə! Bu dəqiqə yıxılacağam, bir də heç qalxmayacağam! Axırıma çıxacaqsan sən mənim! Öldürəcəksən”
– Var!
– Kim var?
Səlmin yerindən qalxdı və pəncərəyə tərəf bir neçə addım atdı.
Arxasınca qaçan anası özünü ona yetirib çiyinlərindən tutdu və var qüvvəsi ilə silkələməyə başladı:
– Kim var, tez ol de?!
Səlmin geri çəkildi. Üzü ağappaq ağarmışdı. Gözləri elə bərəlmişdi ki, ağlını itirəcəyi ilə bağlı insanın içində xof düşməyı bilməzdi. Solğun dodaqları tir-tir titrəyirdi. Anasının yeni bir hücumundan qorunmaq istəyirmiş kimi qollarını irəli uzatmışdı. Gözlərini qırpmadan baxır, qaşları öz-özünə qalxıb-enirdi.
Sonra… Birdən-birə qolları yanına düşdü. Qarşısına baxdı və cavab verdi:
– Ac adam!
Məfharət iki əlini birdən yanaqlarına uzatdı, sonra da pırtlaşıq saçlarına doğru apardı. Ağzı açıq qalmışdı, gözləri qızarmış, bərəlmiş, qaşları yuxarı dartılmışdı. Bir anlıq yerindəcə donub qalmışdı.
Amma bir neçə saniyə sonra durduğu yerdəcə yırğalanmağa, əsməyə başladı. Müvazinətini saxlaya bilməyəcəyi bəlli idi…
Yerə yıxılmamaq üçün bütün qüvvəsini topladı. Pəncərəyə tərəf getdi. Siqareti əlindən düşmüşdü. Fərqinə belə varmadı. Otağın ortasına doğru addımladı və özü də hiss etmədən ayağını stula çırpdı.
Səlmin qorxu içində ona doğru bir addım atdı.
Anası otağın qapısına doğru addımladı. Qapı ilə danışırmış kimi:
– Səsim çıxdığı qədər bağırmasam, ölərəm, – dedi.
Tir-tir titrəyirdi. Əlini başından çəkdi və ovucundakı bir ovuc saçı yerə atdıqdan sonra ani bir qərarın təsiri altında sıçrayaraq otaqdan çıxdı və bağırmağa başladı:
– Ağabəy! Ağabəy! Bəsim! Hasibə! Gəlin! Gəlin bura! Tez olun! Ağlımı itirəcəyəm! Ağlımı itirəcəyəm!
Sonra divara söykəndi! Elə bil özündən getməyə, huşunu itirməyə hazırlaşırdı, lakin getmədi! Başına bir ağrı saplanmışdı! Gicgahlarından yapışaraq başını ovucunun içinə aldı və ovuşdurmağa başladı.
***
Ən şiddətli arzular mənə ən mənasız anlarda və ən uyğun olmayan təhrik qüvvəsi ilə gəlir. Ablamın ayaqlarını ləyəndəki isti suyun içərisində qıpqırmızı qızarmış görüncə səhərin bu alaqaranlığında ürəyim ilbiz istədi. Onun qışqırığını eşidib qaçıb-gəldiyim üçün hələ ki səhər yeməyini yeməmişdim. Otağına apararaq yerinə uzandırmaq və isti su hazırlanana qədər əsəblərini sakitləşdirmək üçün ağabəyimlə əməlli-başlı əziyyət çəkdik. Ac adamın sevgilisi öz otağına qapanmışdı, üzünü görə bilmədik. Hasibə titrəyən əlləri ilə ablamın ayağını qurulayarkən ağabəyim arxasını bizə döndərib pəncərədən bağçanı seyr edirdi. Bayaqkı qiyamətin yanında indiki səssizlik dünyanın yaradılmazdan əvvəlki halı ilə yarışa bilərdi. Ürəyimdən Hasibənin buradakı işini tez bitirib dərhal səhər yeməyini hazırlamağa getməsini demək keçirdi. Zavallı qadının üzündə fırtınalar coşmuşdu. Ac adamın Səlminlə yaşadığı macəra ablam qədər onun da ağlını başından almışdı. Hərifə vurulmuşdu, deyəsən. Lakin ablam kimi hay-küy salmağa və ayaqlarını isti suya qoymağa haqqı olmadığından titrətməklə yetinməli olurdu. Hansısa bir xidmətçiyə qarşı bu belə qibtə ediləcək azadlıq demək idi.
Sonra ablamın ayaqlarını və dizlərini ovxalamağa başladı. Barmaqlarında elə bir kin var idi ki, əlləri xanımının boğazına qədər çıxsaydı, onu boğa da bilərdi. Bu, bir masajdan daha çox cinayətə görə cəzalandırmağa bənzəyirdi. Ablamın qarnının üstünə çatanda Hasibənin qəzəbli əlləri qudurmuş kimi oldu. Bəlkə də qulluqçu qadın o anda Səlminin doqquz ay on gün bu qarında yatdığı haqqındamı düşünürdü…
Ablam bağırdı:
– Yavaş ol görək! Öldürəcəksən məni!
Ağabəyim çarpayıya yaxınlaşırdı. Tünd qəhvə rəngli gecə pünyarına bürünmüş zəif vücudu ilə bir dağ manastrının ucu görünməyən qaranlıq dəhlizlərində, səssiz və ağır addımlarla səhər ibadətinə gedən rahibin xəyalətinə bənzəyirdi. Masaj bitdikdən sonra ovcunu ablamın alnına qoydu və dayandı. Hasibənin yerdən ləyəni alıb otaqdan çıxmasını, qapını bağlamasını və ayaq səslərinin uzaqlaşmasını gözlədi. Sonra mənə tərəf baxdı. Enerji dolu gözlərlə boşboğazlıq etmək ehtimalımı geri oturtduqdan sonra bir az da gözlədi. Səssizlik onun sehr və təlqin şərtlərindən biri idi. Dünən Aydına da belə eləmişdi. Bir az ablama tərəf əyildi və çöldən gələn xoruz səslərinin təsiri altında tamamilə ağırlaşan bir səs tonu ilə ona əmr verdi:
– Gözlərini yum!
Oturduğum kresloda ablamla birlikdə mən də gözlərimi yumdum və dünən biz Aydının müalicəsi ilə əlləşdiyimiz zaman Aləmdağından gələn kərə yağının açılış mərasimində neçə dəqiqə sonra ola biləcəyimiz haqqında düşünməkdən özümü saxlaya bilmədim. Bəlkə də, Hasibə indi çörəkləri qızardırdı. Soyuyarsa, işə yaramayacaqdılar. Ləzzətləri itəcəkdi.
Otaqdan o dəqiqə çıxmağa cəsarətim çatmadı.
Ağabəyim ablamdan soruşdu:
– Heç olmasa, indi bir az yaxşısanmı?
– Yaxşı deyiləm.
– Bir az yaxşıyam deməyini xahiş edirəm.
Ağabəyim bu bir cümləni ablama bir neçə dəfə pıçıltı ilə təkrarlatdı. Köhnə vasitədir, amma mən bunun faydasını öz üzərimdə çox hiss etmişdim. İnsanın ən asanlıqla aldada bildiyi axmaq özüdür.
Ağabəyim sözünə davam etdi:
– Fərz elə ki dənizə düşmüsən. Düşün ki, əgər çabalayarsansa, boğulacaqsan. Anladınmı? Çabalamaq, çırpınmaq pisdir. Təhlükəlidir. Gözünün qabağına gətir. Özünü suyun üzərində sərbəst burax. Daha sərbəst. Daha sərbəst… Özünü heç sıxma… Qollarını, ayaqlarını tamamilə rahat burax… Qorxma… Hesab et ki, mən də sənin yaxınlığında üzürəm. İndə də buludsuz, masmavi, sakit bir göy üzünü gözlərinin önünə gətir. Buludsuz, masmavi, sakit… Suyun üzündə, arxası üstə yataqda uzanmış kimi rahat, sahilə tərəf üzürük. Anladınmı? Bu rahatlığı, əminamanlığı çırpınmaqdan, çabalamaqdan, hayqırmaqdan qorumağa borclusan. Bu haqda fikirləş… Yaxşı-yaxşı fikirləş… Çırpınmaq və çabalamaq batmaqdır. Hayqırmaq boğulmaqdır. Sakit ol. Özünü rahat burax. Əmin ol… Batmayacağından, salamat çıxacağından əmin ol… Bax, indi gör vəziyyətin nə qədər düzəldi. Yenə gözünün qabağına gətir. Buludsuz, masmavi, sakit bir göy üzünü təsəvvür et… Təhlükə keçdi. Artıq sahilə yaxınlaşırıq. Sən daha dərindən nəfəs almağa başlayırsan. Çünki rahatlaşmısan, yaxşısan artıq… Elə deyilmi? Düzünü de mənə.
Ablam titrək səslə cavab verdi:
– Hə. Doğrudan da…
Ağabəyim dikəldi:
– İndi gözlərini ağır-ağır, yavaş-yavaş aç, – dedi, – aç gözlərini. Bədənini daima sərbəst burax. Heç bir yerin yığılmasın, gərgin olmasın. Heç bir ani hərəkət də eləmə.
Ablam gözlərini açınca əllərini ciblərinə qoyan ağabəyim xəstə üzərində qurduğu hakimiyyətə görə qürur duyduğunu hiss etdirməyəcək bir şəfqətlə dedi:
– Həyat da belədir, Məfharət, həyat da belədir… Çarəsizlik və təhlükəli anlar var ki, belə dəqiqələrdə nə çabalamağa, nə də hay-həşir salmağa dəyməz… İnsan belə olduqda batar, boğular… İnsanın ən böyük bacarığı həmin anlardan keçə bilməkdir. Sonrası isə getdikcə asanlaşır. Həmin anlarda taleyə təslim olmaq lazımdır. Bu, aciz, miskin, mənfi bir barışıq məcbutiyyəti deyil. Başa düşürsən? Üsyan texnikasıdır… Yəni səbirdir. Müsbət, enerjili, hədəfi olan, yaxşı bir səbir… Sözümə diqqətlə yanaş. Bu dünyada ölümdən başqa, demək olar ki, hər şeyin çarəsi var. Qarşımıza çıxan çətinliklərin bir çoxunu öz ruhumuzun içində həll edə bilərik. Mən dünən sənə Aydınla bağlı nə dedim? Bax indi… Mükafatını necə tez gördün… Yenə də eyni şeyi söyləyirəm. Qəbul elə ki, Ac adamla Səlminin macərası məsələsi doğrudur. Ruhunun bunu həzm edə bilməsi sənin öz əlindədir. Bundan sonra beynin dərhal aydınlanacaq. Onu da fikirləş ki, tək deyilsən. Biz sənin yanındayıq və bir-birimizdən fərqimiz keçirdiyimiz o hiss qarışıqlığının dərəcəsindədir. Hərəmiz bir cürə yaşayırıq bunu. Üsyan etməyin faydasız ola biləcəyi bir hadisə ilə qarşı-qarşıyayıq. Heç bir hay-küy, heç bir üsyan Səlminin taleyini dəyişdirə bilməz. Artıq olan olub. Lakin mən sənə bir şeyi də söyləyə bilərəm: baş vermiş bu hadisənin mütləq bir başqa və müəmmalı tərəfi də var ki, Səlminin göründüyü qədər iyrənc olmadığı həqiqətini bir gün mütləq sənə qəbul etdirəcək. Bunu görmək üçün isə səbir lazımdır.
Çıxışın bitdiyi qərarına gəldiyim üçün ayağa qalxmaq üçün yerimdən dikəldim. Lakin ağabəyim sanki birdən-birə həvəsə gələrək yenidən danışmağa başladı:
– Sənə bir misal da çəkim. Cavan vaxtlarında bir zamanlar Sipahi ocağına yazılmışdın. Ata minərdin, yadındadır da… Cins atlar belindəki atlının əsəbləşməsini, çırpınmasını, onu mahmızlamasını xoşlamaz. Qəzəblənər. Sonra da üstündəki adamı yerə çırpa bilər. Buna görə də əvvəlcə atın reflekslərinə uyğunlaşmaq, sonra da hiss etdirmədən ona hakim olmaq lazımdır. Taleyin maneələri qarşısında çətinliyə uyğunlaşmaqdan hakimiyyətə gedən səbir yolunda sakit qalmalısan. Məgər elə deyil? Bizim səni nə qədər çox istədiyimizi bilirsən. Mənim namus, şərəf məsələsinə nə dərəcədə bağlı olduğumdan da xəbərin var. Əgər sənin kimi üsyan edərək hay-həşir salmırıqsa, daha gözəl yollar gördüyümüz üçün belədir. Yoxsa sənin dərdin bizim də dərdimizdir, Məfharətim.
Mənim bu ağabəyim yaman çoxbilmiş hərifdir, adamı elə tilsimə salır ki, heç özünün də xəbəri olmur. Ablamın ona dikilmiş heyranlıq və minnətdarlıq dolu gözlərində iri yaş damcıları var idi. Mənim də gözlərim yaşarmışdı. Gör nə çoxbilmişdir ki, ona Səlmini və Ac adamı, mənə isə istridiyyəni və Aləmdağının kərə yağını unutdurub ikimizi də ağlada bildi.
O, ablama son dəfə təlqin etdi:
– Sən bir az yat, – dedi, – çox tez yuxudan qalxmısan, əsəblərini də lap əldən salmısan. İndi yaxşıca yuxunu alarsan.
Ablam yorğun bir səslə:
– Bir yuxu dərmanı alım, – dedi.
– Yox, yox, buna ehtiyac yoxdur, inan mənə, dediyim kimi elə beləcə də yatacaqsan.
Ablamın yuxu dərmanı olmadan da yuxuya gedəcəyi dəqiq idi, lakin Hasibənin qızartdığı çörəklərin soyumadığına əmin deyildim. Onunla heç olmasa başımı tərpətməklə sağollaşmağı belə unudaraq tez özümü süfəyə yetirdim. Ağabəyim ağır addımlarla arxamdan gəldiyi vaxt mən artıq sürətlə pilləkənləri aşağı düşürdüm. Birinci mərtəbədə dəhlizdə Hasibə ilə qarşılaşdım. Gözlərində qara buludlar, üzündə şimşəklər, əynində başından tələm-tələsik keçirdiyi üçün çalın-çarpaz qalan geyimi, əlində havaya atmağa hazırlaşdığı bir əl bombası kimi qaldırdığı çantası qabağımdan keçərkən dayandı:
– Ah, – dedi, – Bəsim bəy, mən polis idarəsinə gedirəm.
Heyrətləndim və bağırdım:
– Nə polis idarəsi? Çörək qızartmamısanmı? Səhər yeməyini hazırlamamısan ki? Polis idarəsində nə işin var?
Əlindəki çanta ilə havada qəribə bir işarə cızaraq cavab verdi:
– Gedirəm. Heydəri polisə şikayət edəcəyəm. Komunistdir o… Aşağıda bə qədər bəyannaməsi var. Bolqar sərhədlərindən alıb İstanbula gətirirmiş davamlı olaraq.
Çaşqınlıqdan yerimdəcə donub qaldım. Kommunist? Ac adam, bəyannamə, Bolqar sərhədləri, polis idarəsi, polis, təhqiqat… Aləmdağından pay gələn kərə yağının açılış mərasimi baş tutmayacaqdımı? Zəhmimi köməyə çağıraraq sərt bir şəkildə əmr verdim:
– Bu axmaqlıqlara son qoy görək! O barədə biz fikirləşərik. Sənin polis idarəsində nə işin var? Get çörəklərini qızart.
– Ayişəyə demişəm, hamısını o hazırlayacaq. Hətta artıq hazırlayır… Polis idarəsinə özüm getməliyəm. Yoxsa sonra ona yer vermişəm deyə mənim də cəza almağım mümkündür.
Arvad qaçıb getdi. Arxasınca baxa-baxa qaldım. Ağabəyim pilləkənləri ağır-ağır enmişdi. Yəqin, danışdıqlarımızı eşitmişdi ki:
– Burax, qoy getsin, biz qarışmayaq, – dedi.
Yemək otağına girdik. Qulluqçu qız süfrəni hazırlayırdı. Ağabəyim qabağımda dayandı və gözlərimin içinə baxaraq:
– Heç xəbərimiz olmadan, – dedi, – iki aydan bəri imiş ki, bu evdə bir ucu polisə qədər gedib çıxan macəra yaşanırmış. Bu nə məsələdir belə?
– Anlamıram, – dedim.
Gözümün ucu ilə süfrədə baş verən təkamülün heç bir anını gözdən qoymadığım üçün işini bitirən Ayişəyə əmr verdim:
– Tez ol, çörəkləri qızart. Dünən gətirdikləri kərə yağının qutusunu da bura ver. Özüm açacağam. Yaşıl zeytun da gətir.
Qız key-key üzümə baxırdı.
– Saxlanc dolabın açarı Hasibə ablamdadır, – dedi.
– Sənə vermədimi?
– Xeyr.
– Dalınca qaç, tez ol.
Ağabəyimlə süfrə arxasına keçdik. Nəşəmin qaçması üçün səbəblər getdikcə çoxalmaqda idi. Ablamla birlikdə bir müddət susduq. Nəhayət ki, dedim:
– Səlmini görmədim mən. Onunla danışa bilməmişəm… Anlamıram… Hərif çoxmu gözəldir? Acdırmı, toxdurmu, kommunistdirmi, əyyaşdırmı? Kimdir axı o? Görmürsən, Hasibə də ona aşiqdir. Məsələni öyrənincə yaman qəzəbləndi. Əməllicə özündən çıxdı… İndi də gedib xəbər verəcək. Qadın qismi belədir də. Eşqi daima birinci planda görür… Hətta eşq onun üçün aclıqdan belə vacibdir… Bizim evin birinci mərtəbəsində gör bir necə qazanlar qaynayırmış, xəbərimiz olmayıb. Bu hərif lap marağımı çəkdi mənim. Bu gün gələcəkmi, görəsən?
Ağabəyim dalğın baxışlarla baxan gözlərini ağır-ağır qırparaq mızıldandı:
– Səlminin halı iki-üç aydır ki, bir başqa cürdür. Donuqdur bir az… Az danışırdı. Özünə qapılmışdı. Nişanlısını və ailəsini eyni zamanda özündən çıxartmaq üçün belə bir dəlilik etmiş ola bilərmi, necə düşünürsən? Ağlım kəsmir nəsə…
Qaça-qaça özünü yetirən Ayişə təngnəfəs halda danışmağa başladı:
– Açar Hasibə ablamda deyilmiş. “Bu gün də kərə yağı yeməsinlər”, – dedi mənə.
Qan beynimə vurdu. Ağabəyimin üzümə dikilmiş yanpörtü baxışı Hasibəni yoldan qaytarıb bura gətirməsi üçün Ayişəyə yeni bir əmr verməyimə mane oldu. Çarə yox idi, bu dəfə süfrədə nə var idisə, onunla kifayətlənməli olacaqdıq. Səlminin başımıza gətirdiklərinə ilk dəfə idi ki, əsəbiləşən kimi olurdum. Yoxsa o bəxtiyar adamın ac və ya tox, fəhlə və ya burjua, kommunist və ya faşist olması mənim nəzərimdə tamamilə əhəmiyyətsiz idi. Çünki bu hadisə mənim üçün bir bardaq ayran və ya şampan şərabı içməkdən daha böyük məna daşımırdı… Seçim haqqı da Səlminə aid idi. Biz niyə qarışırdıq ki söhbətə?
Bu fikirdə olduğumu ağabəyimə hiss etdirmək üçün dedim ki:
– Protoplazmanın17 ərz üzərindəki iki yüz əlli milyon illik uzun macərasından sonra belə insanın ən bəsit təbiət hadisələri qarşısında bu cür boş etiqada görə həyəcanlanması, narahat olması axmaqlıq deyilmi?
Ağabəyim yenə də yanakı üzümə baxaraq cavab verdi:
– O zaman aşağıdakı bəyannamələri götür sən apar payla da, nə dayanmısan? Bu ki əsl kommunist əxlaqıdır… Dursana…
– Başqa cür olması da mənim ağlıma batmır, – dedim.
– Təbii, – dedi, – zooloji antropologiyanın sənə bağışladığı heyvanca bir tələqqii düşüncə içərisindəsən. Qəbahət səndə deyil. Bütün şansını maddədə axtaran bugünkü elmin – böyük idealistlər istisna olmaqla – insana layiq görməyə məhkum olduğu əxlaq budur. İllərlə səninlə münaqişə etdik. Mübahisələrimiz, müzakirələrimiz oldu… Amma heç dəyişmədin. Bu əxlaq səndə artıq bədən quruluşu halına gəlib. Daima mədənin əmri altındasan. Ona tabesən…
Yalan demirdi. Ayişənin süfrəyə qoyduğu çaydanlıqdan çıxan buğun qoxusu burun pərlərimi titrədirdi. Bufetdən nə gətiriləcəyini də böyük maraqla gözləyirdim. Ağabəyim yalnız bir fincan çay içdi və ilk siqaretini yandırdı. Mən qızardılmış çörəyin üstünə bəyaz pendir çəkir, üstünə də qızılgül mürəbbəsi yaxırdım. Çeynədiyim yeməklə fikirlərimin bir-birinə bağlı olduğu şübhəsiz idi. Lakin bu münasibəti bir dəlil kimi irəli sürə bilməzdim. Çünki ağabəyim də belə bir bədən quruluşunun təşəkkül tapmasında fikirlərimizin və inanclarımızın əsas rol oynadığını söyləyəcəkdi. Və üç min illik münaqişəni yenidən təkrarlamış olacaqdıq. İlk səhər loxmasının bakirə ləzzətini buna qurban verə bilməzdim. Susduq…
Bir qədər sonra Hasibə yarı qızarmış, yarı göyərmiş halda gəlib ağabəyimin qarşısında durdu:
– Bəy əfəndi, – dedi, – aşağıda mülki geyimli bir məmur var. Bəyannamənin paketini araşdırır və sizi görmək istəyir.
Üçümüz də birlikdə aşağı düşdük.
Məmur yerə çömələrək paketi bağlamaqla məşğul idi. Bizi görən kimi yerindəcə dikəldi və salamlaşdı. Cavan adam idi. Qarabuğdayı və arıq… Lakin çatma qaşları altında kəskin baxışlı gözləri, qabarıq alnı, irəli doğru uzanmış sivri çənəsi onu həm dalaşqan, həm də ağıllı bir adam kimi göstərirdi. Ağabəyimə dedi:
– Heydəri nə vaxtdır ki, axtarırıq. Ədirnə Əmniyyət Müdirliyindən də arayırlar. Bütün dəmir yol məmurlarına şəkillərini paylamışdıq. Lakin bu qadından öyrəndim ki, İstanbula maşınla gəlib-gedirmiş. Yarım saat sonra başının üstünü alacağıq. Buraya gələcək, deyilənə görə. Əgər icazə versəniz, sizin evinizdə gizlənəcəyəm. Bu qəzetlərdən bizdə də var. Bolqarıstandakı türklər üçün çıxarılır, amma fürsət tapan kimi sərhəddən içəri keçirirlər. Bəyannamə deyil, qəzetdir. Təbii ki, kommunist propoqandası…
Mən soruşdum:
– Kimdir bu Heydər axı?
– Əslən Bolqarıstanlıdır, daha dəqiqi, Razqratlıdır. Bura da tez-tez gəlirmiş. Heç görmədinizmi siz?
– Gündüzlər görməmişəm. Ancaq alatoranlıqda…
Məmur pulqabının içində nə isə axtara-axtara danışırdı:
– Çoxbilmişdir. Lisey təhsili alıb. Hər cildə girməyi bacarır. Fəhlə ilə fəhlə, zəngin ilə zəngin kimi danışar. Şəkilini axtarırıram… Hə, budur…
Ağabəyim çəkingən adamlar kimi dayandığı üçün məmur şəkli mənə tərəf uzatdı. Allah bilir, neçənci reproduksiya olduğu halda şəkildən belə Heydərin gözəlliyi, zirəkliyi və çoxbilmişliyi hiss olunurdu. Hər halda, sarı və özündən qıvırcıq olan parlaq saçları, geniş alnı, açıq yaşıl, mavi qarışıq gözləri var idi. Aslan kimi bir oğlan idi, doğrusu, Səlminə haqq qazandırdım. Mən də qız olsaydım, belə bir oğlan qarşısında özümü itirərdim. Şəkili ağabəyimə uzatdım. Gözücü baxdı:
– Bəli, atletik və dejenere astenik18 bir tipdir. Özü də ağıllı və enerjili…
Başqa bir söz demədi. Mən onun əlindən aldığım şəkilə təkrarən baxdığım zaman soruşdum:
– Arvadbazdır?
Kişi elə bil harasınısa bərk ağrıdıblarmış kimi dilləndi:
– Uffff! Özü də nə arvadbaz… Ardında üç bəkarət pozma davası var. Ələ keçirə bilmədikləri üçün elə hey qiyap19 qərarları verildi.
Hasibənin bağırtısı eşidildi:
– Arvadbaz da sözdürmü? Gözü çıxmış adam…
Heç bu qədər hündürdən deyilmiş qadın etirafı eşitməmişdim.
Zəmanənin əxlaqı mənim kimi adamı belə heyrətləndirirdi.
Ağabəyim məmura:
– Buyurun, harada istəyirsinizsə, gizlənin. Biz yuxarıda olacağıq.
Mən içimdəki şübhəni bu adamdan gizlətmədim:
– Siz təkbaşına Heydəri zəbt edə biləcəksinizmi? – deyə soruşdum.
Məmur əlini arxa cibinə tərəf apararaq dedi:
– Allahın izni ilə!
Sanki Allah arxa cibində idi.
Ağabəyim qabaqda getdi. Pillələrlə çıxa-çıxa mən öz ürəyimdə: “Bu Heydəri bir görə biləydim”, – deyirdim. Səlmin bu bəxtiyar adamın dördüncü bəxtiyarlığı imiş… Hələ bilmədiyimiz daha neçəsi var idi, onu bir Allah bilir. Hamısı da, görəsən, burjua qızları idimi? Bu da, bir növ, natural kommunist peyvəndi hesab oluna bilərdi. Hadisələrə hislərini qarışdırmadan baxan rahat düşüncəli insanlar üçün bəsit və əyləncəli iş… Amma insan qəhrəmanı da görmək istəyir…
Bepul matn qismi tugad.