Kitobni o'qish: «Sadəcə özün ol»
Niyə özümü olduğum kimi qəbul etməkdən qorxuram?
Hamı eyni vəziyyətdədir. Hamı özünü olduğu kimi qəbul etməyə qorxur. İnsanlığın neçə əsr bundan əvvəldən hər bir uşağı, hər bir insanı emal etmə və düzəltmə forması budur. Bu bəsit, ancaq çox təhlükəli strategiyadır. Strategiya səni lənətləmək və sənə ideallar vermək əsasında qurulub; beləliklə, sən həmişə başqası olmağa çalışırsan. Xristian İsa olmağa, Buddist Budda olmağa çalışır; bunların hamısı diqqətini özündən uzaqlaşdırmaq üçün elə ağıllı şəkildə qurulmuş alətdir ki, bəlkə bunu edən insanlar belə bunun fərqində deyillər. İsa çarmıxda olanda insanlığa xitabən dediyi sözlər bir çox cəhətdən, xüsusən də, bu halda böyük əhəmiyyət daşıyır. O, Tanrıya belə dua etmişdi: “Ata, bu insanları bağışla, onlar nə etdiklərini bilmirlər.” Bu hər ata-anaya, hər müəllimə, hər din adamı və əxlaqçıya, mədəniyyəti, cəmiyyəti yönəldən, hər bir fərdi bəlli bir formaya salmaq üçün qəliblərə salmağa çalışan hər bir insana aiddir. Bəlkə də onlar da nə etdiklərini bilmirlər. Bəlkə də hər şeyi sənin yaxşılığınçün etdiklərini fikirləşirlər. Onların niyyətlərinə şübhə etmirəm, amma istəyirəm ki, o insanların cahil, şüursuz insanlar olduğunun fərqində olasan.
Körpə şüursuz cəmiyyətin əllərində doğulur. Və o şüursuz cəmiyyət uşağı öz fikirlərinə görə formalaşdırmağa başlayır, halbuki, əsas şeyi unudurlar: uşağın özünə aid potensialı var; böyüyüb İsa, Krişna yaxud Budda yox, özü olmadır. Əgər böyüyüb özü olmasa, bütün həyatı boyunca son dərəcə bədbəxt olar. Həyatı cəhənnəmdən, lənətdən ibarət olar və nəyin səhv olduğunu bilməz. Başlanğıcdan səhv tərəfə istiqamətləndirilmişdir.
Və diqqətini yayındırmaq üçün sən bir məsələdə mütləq şərtləndirilməlisən: bu da sənin olduğun halında dəyərsiz, işə yaramayan bir insan olmağın məsələsidir. Təbii olaraq əgər sən başqaları tərəfindən qoyulmuş qayda və qanunlara əməl etsən, hörmət və şərəfə layiq olarsan. Əgər ikiüzlü olmağı bacarsan, cəmiyyətin ən hörmətli vətəndaşlarından olarsan.
Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaq üstdə durub:
“Hamı kimi olmayacağam, yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz – necə olsam da, özüm olacağam. Bir şey dəqiqdir – o da mənim sadəcə özüm olacağım, başqa kimsə olmayacağım məsələsidir.”– deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.
Məndən soruşursan ki: “Niyə özümü olduğum kimi qəbul etməkdən qorxuram?”. Çünki sən kimsə tərəfindən olduğun kimi qəbul edilməmisən. Onlar səndə özünü qəbul etdiyin halda hamı tərəfindən lənətlənmək qorxusu yaradıblar. Bu günə qədər mövcud olmuş hər bir cəmiyyətin və hər bir sivilizasiyanın bir şərti var: ya özünü qəbul edib hamı tərəfindən rədd edilərsən, ya da özünü rədd edib, bütün cəmiyyətin və sivilizasiyanın hörmət və şərəfini qazanarsan.
Bu, həqiqətən çox çətin seçimdir. Təbii ki, əksəriyyət hörmətli olmağı seçəcək, amma hörmətlə yanaşı hər cür narahatlıq, əzab, mənasızlıq hissi, heç nəyin inkişaf etmədiyi, heç nəyin yaşıl olmadığı, heç bir çiçək açılmayan, dayanmadan getdiyin halda əsla qarşına vahə çıxmayacaq səhraya oxşar həyat da gəlir. Bu mənə Lev Tolstoyu xatırladır. Tolstoy, təkrar-təkrar gördüyü, müxtəlif məktəblərin, psixoanalitiklərin hardasa yüz ildir yozmağa çalışdığı bir yuxu danışmışdı. Yuxu olduqca qəribədir, amma mənə görə elə deyil. Məncə, onun psixoanalizə ehtiyacı yoxdur, sadə məntiq lazımdır. Yuxu illərlə təkrarlanmışdı, kabusa oxşarlığı vardı və Tolstoy hər gün gecənin tam ortasında tər-su içində oyanırdı, amma yuxuda elə də təhlükə yoxdu.
Əgər yuxunun mənasızlığını başa düşsən… elə kabusa dönən problem bu idi. Yuxu demək olar bütün insanların həyatını təmsil edir. Psixoanaliz məktəblərinin heç biri bunun necə yuxu olduğunu başa düşə bilməmişdi, çünki ona paralel olan heç nə yoxdu, bənzərsizdi.
Hər gecə təkrarlanan yuxu beləydi: ucu-bucağı olmayan səhra; gördüyü hər yer səhraydı və Tolstoyun özünün olduğunu sandığı bir cüt botinka səhrada gedirdi. Özü orda deyildi… təkcə botinkaları səhrada səs çıxararaq gedirdi və bu elə beləcə davam edirdi, çünki səhra sonsuzdu. Botinkalar heç bir yerə çatmırdı. Arxada botinkaların kilometrlərlə buraxdığı izləri görürdü, öndə isə botinkaların hələ də getdiyini.
Adi şəraitdə bunun kabus olduğunu fikirləşməzsən, ancaq dərindən baxası olsaq, hər gün, hər gecə heç bir yerə çatmayan, mütləq heçliklə bağlı eyni yuxunu görərik. Sanki heç bir hədəf yoxdur… və botinkaların içində heç kim yoxdu, boşdu.
Tolstoy bu yuxunu öz dövründə Rusiyada yaşayan psixoanalitiklərin hamısına danışmışdı, amma heç kim bunun nə mənaya gəldiyini tapa bilməmişdi, çünki buna az da olsa, bənzəyən yuxuya aid heç bir kitab yoxdu. Bu yuxu tamamən digər yuxulardan fərqliydi. Amma, mənim fikrimcə, heç psixoanalizə ehtiyac yoxdur. Bu, hər bir insanın həyatını təmsil edən adi bir yuxudur. Sən bir səhrada gedirsən, çünki varlığındakı əsas olan hədəfə irəliləmirsən, heç bir yerə çatmayacaqsan. Səhranın dərinliklərinə doğru nə qədər getsən, özündən bir o qədər uzaqlaşacaqsan. Və mənanı nə qədər çox axtarsan… mütləq boşluqdan başqa heç nə tapa bilməyəcəksən. Mənası budur. İnsan itib; sadəcə botinkaları gedir.
Etdiyin şeydə deyilsən.
Olduğun yerdə deyilsən.
Görüdüyün işdə deyilsən. Bu tamamilə boşluqdur, ikiüzlülükdür. Amma bu şəraiti yaratmaq çox asandır: hamıya indiki hallarıyla yaşamağa da layiq olmadıqlarını demək. Olduqları hallarıyla dəhşət çirkindirlər, artıqdırlar. Bu hallarıyla özlərindən utanmalıdırlar, çünki hörmətəlayiq, dəyərləndirməli heç nələri yoxdur.
Təbii olaraq hər bir uşaq da sözdə nəcib işlər görməyə başlayar. Getdikcə daha yanlış, daha da saxta hala gələr, öz həqiqətindən, öz varlığından daha da uzaqlaşar və sonra qorxu yaranar.
Nə vaxt özünü öyrənməklə bağlı arzun olsa, dərhal bir qorxu onun arxasınca düşəcək. Bu qorxu, əgər özünü tapası olsan, öz gözlərində belə özünə olan hörməti itirmə qorxusudur.
Cəmiyyət hər bir fərdə ağır təzyiq göstərir. Səni şərtləndirmək üçün əlindən gələni edir, beləcə, sən özünün şərtləndirilməli olduğuna, bu şəkildə yaşamalı olduğunu fikirləşməyə başlayırsan. Sən də cəmiyyətin bir hissəsi olursan və sadəcə bir insan olaraq, dindən, siyasətdən, millətdən, irqdən azad bir şəkildə doğulduğunu unudursan. Sən sadəcə saf, təmiz böyümək ehtimalıyla doğulursan.
Mənim üçün, ruhi axtarış nəticələri, nə olur olsun, səni özünə geri gətirmək deməkdir. Özünə qayıtmalısan. Ola bilər ki, orda İsa tapmayasan, bu lazım deyil. Bir İsa bəs edər. Gautama Budda da tapmaya bilərsən, heç bu da problem deyil, çünki həyatda Budda çox olsa, çox sıxıcı olardı. Həyat insanları təkrarlamaq istəmir. Elə yaradıcıdır ki, həmişə hər bir fərdə yeni bir şey, yeni bir potensial, yeni bir imkan, yeni bir hündürlük, yeni bir zirvə, yeni bir ölçü verir.
Həqiqətən axtarışda olan biri olmaq cəmiyyətlərə, sivilizasiyalara, mədəniyyətlərə sadəcə fərdə qarşı olduqları üçün üsyandır.
Mən tamamilə fərdin tərəfindəyəm. Bir fərd üçün cəmiyyətlərin hamısını, bütün dinləri, mədəniyyətləri, insanlığın bütün keçmişini qurban verərəm. Fərd ən dəyərli varlıqdır, çünki fərd yaradılışın bir hissəsidir.
Gərək qorxundan imtina edəsən. O sənə məcburən verilmiş bir şeydir – təbii deyil. Bir balaca uşaqlara diqqətlə baxın: uşaq özünü olduğu kimi qəbul edir, lənətlənmə ağlından belə keçə bilməz. Başqa birisi olmaq arzusu yoxdur, amma hər bir insan böyüdükcə başı, fikirləri dolaşır. Təkrarən özünə qayıtmaq üçün cəsarətli olmalısan. Bütün insanlar qarşını kəsməyə çalışacaq, lənətlənəcəksən. Ancaq səfil, saxta, səhv halda olub başqasının həyatını yaşamaqdansa, bütün dünya tərəfindən lənətlənmək daha yaxşıdır.
Hüzurlu həyat yaşaya bilərsən. Bunun iki yolu yoxdur, təkcə bir yolu var: o da elə özün olmağındır. Burdan özünə qarşı dərin bir şəkildə qəbuletmə və hörmət hissilə böyüməyə başlayarsan. Çiçəkləyərsən; Xristian yox, Buddist yox, Hindu yox, tamamilə özünə aid çiçəklər – mövcudiyyətə dəstək olarsan.
Ancaq bütün izdihamı əsas yolda buraxıb, bu yolda tək getmək böyük cəsarət tələb edir. İnsan izdihamın içində özünü rahat, isti hiss edir; təbii olaraq insan tək getməkdən qorxar. Zehnin mübahisəyə başlayar, bütün insanlığın səhv etmiş olmadığını deyər: “Sən tək gedirsən? İzdihamın bir hissəsi olmaq daha yaxşıdır, çünki onda nəsə yolunda getməsə, sən cavabdehlik daşımazsan”.
Hamı cavabdehlik daşıyır. Amma izdihamdan ayrılan anda məsuliyyəti öz əlinə almış olursan. Əgər nələrsə yolunda getməsə, buna sən cavabdehsən.
Ancaq əsas şeyi yadından çıxartma: məsuliyyət medalyonun bir üzüdür, medalyonun o biri üzü isə azadlıqdır. İkisinə də birdən sahib ola bilərsən, ya da ki, ikisindən də birdən imtina edə bilərsən.
Əgər məsuliyyət istəmirsənsə, azadlığa sahib ola bilməzsən. Və azadlıq olmadan böyümək qeyri-mümkündür.
Buna görə öz məsuliyyətini qəbul etməli və mütləq azadlıq içində yaşamalısan, beləcə, kim olursan ol, böyüyə bilərsən. Ola bilər ki, bir qızılgülə dönməyəsən, sadəcə bir nərgiz ola bilərsən, yaxud adsız bir yabanı çiçək. Amma mütləq olan bir şey var: nə olursansa ol, sevinc içində olacaqsan. Rahat, hüzurlu olacaqsan. Ola bilər ki, hörmətli biri olmayasan, əksinə, hamı tərəfindən lənətlənəsən, amma içində, dərinliklərdə ancaq azad bir fərdin hiss edəcəyi bir coşqunluğu hiss edəcəksən. Və ancaq azad fərd böyüyüb şüurun daha üst səviyyələrinə çata bilər, Himalay dağlarının zirvəsinə qalxa bilər.
Cəmiyyət hamını axmağa çevirir, şüur cəhətdən hamı qüsurludur. Onun axmaq insanlara ehtiyacı var, ağıllı insanları istəmir. Şüurdan qorxur, çünki şüur həmişə əsarətə, istismara, batil inanclara, hər cür axmaqlığa, irq, millət, təbəqə, rənglər arasındakı ayrıseçkiliyə qarşı üsyankardır.
Şüur mütəmadi olaraq üsyan halındadır. Ancaq axmaq olan biri həmişə söz eşidəndir. Tanrı belə Adəmin axmaq olmasını istəyirdi, çünki Adəm və Həvvanın cahil olaraq qalması, Ona sitayiş etməsi ona sərf edirdi.
Mənim fikrimcə, şeytan dünyadakı ilk üsyankardır, tarixdəki ən önəmli varlıqdır. Mədəniyyət və inkişaf şeytana çox şey borcludur, Tanrıya yox. Tanrı ancaq axmaq Adəm və axmaq Həvva istəyirdi, əgər Adəm Tanrını izləsəydi, sən indi Cənnət bağında ot yeyirdin! İnsanlıq inkişaf etdi, çünki Adəm Tanrıya qarşı üsyan elədi. Tanrı qurumdur; Tanrı qurumu, avtoritarizmi, gücü, hakimiyyəti təmsil edir, şüurlu, ağıllı olan birini əsir etmək olmaz; əsir olmaqdansa ölməyi seçər. İstismar edilə bilməz, öz mərkəzindən uzaqlaşdırıla bilməz.
Mən ancaq üsyan dininə inanıram. Bundan savayı başqa din yoxdur.
Paddy günlərin birində yaşadığı şəhərdə yerləşən paraşutçu klubuna yazılır. İlk atılma üçün təyyarəyə minir. Hər şey yolunda ikən atılma növbəsi Paddy-yə çatır. Müəllim ona qışqırır: “Dayan görüm. Paraşütü taxmamısan, bu nədir belə?”
Paddy cavab verir: “Hə, problem deyil. Hələ məşq edirik onsuz da, elə deyil?”
Cəmiyyətin belə axmaqlara ehtiyacı var. Onlar səs çıxartmadan söz eşidən, sakit, istismar edilməyə hazır, az qala heyvanların səviyyəsinə endirilməyə hazır olan insanlardır.
Bu səbəbdən özünü qəbul etməkdən qorxma. Sənin həqiqi xəzinən olan yer, evin olan yer elə oradır. Sözdə müdrik olan insanları dinləmə; onlar milyonlarla insanı öldürmüş, həyatlarını məhv etmiş, mənanı alıb aparmış insanlardır…
Sənin kim olduğunun əhəmiyyəti yoxdur. Vacib olan şey sənin tamamilə olduğun kimi qalmağındır, çünki böyümə burdan başlayır.
Aşağıdakı kəlamları dərindən fikirləş… bəlkə də bunlar sənə bir az cəsarət, şüur verər.
Hamı cahildir, ancaq fərqli mövzularda.
Buna görə cahil olma mövzusunda çox narahat olma, hamı cahildir.
Hər bir insan azad doğular, amma bəziləri evlənər.
Buna görə ayıq ol, beləcə, azadlıq sənin olar!
Yanılma bütün həzzlərin başlanğıcıdır.
Unutma, böyüməklə yaşanan həyat həzzlərdən ibarət adi, bəsit həyatın fövqündədir. Həzz önəmli bir şey deyil; bu eynən qaşınan nahiyəni ovuşdurmağa oxşayır. Əvvəlcə sənə xoş gəlir, amma bu, sadəcə bir müddət çəkir. Əgər qaşımağa davam etsən, qanadacaqsan, beləcə, həzz ağrıya dönəcək. Sən də bilirsən ki, bütün həzzlər ağrıya çevrilir.
Şüurlu, ağıllı bir insan heç vaxt ağrıya, kədərə, narahatlığa və əziyyətə çevrilməyəcək bir şey axtarır. Mənim hüzur adlandırdığım şey həzz deyil, çünki, hüzur çevrilə bilməz. Hüzurun tərsi yoxdur. Axtarış sonsuzluq üçün olmalıdır və hər kəs bu sonsuzluğu təcrübə edəcək gücə sahibdir. Amma fiziki bədənin həzzləri, ya da bioloji ehtiraslar, yemək həzzi insanın başını qatır və böyüməkçün sahib olduqları qısa vaxtı alır.
Belə bir hekayə eşitmişdim:
Bir kişi psixiatrın yanına gedib və belə deyib: ”Çox narahatam. Arvadım nə qədər yeyir və bütün gün divanda uzanıb televizora baxır, hətta televizora baxanda da yemək yeyir, yemək yeməsə də saqqız çeynəyir, ağzı bütün gün hərəkət edir… Artıq bütün gözəlliyini itirib; bədəni formadan düşüb. Bilmirəm nə edim. Nə məsləhət görürsünüz?” Psixiatr: “Bildiyim bir yol var. Bir çox xəstəmdə bunu yoxladım və nəticəsi də oldu.” – deyib ona gözəl, çılpaq qadın şəkli verib.
Kişi:” Ay Allah! Bu şəklin bizə nə xeyri olacaq?” – deyə soruşdu.
Psixiatr: “Deməli, sən nə etməlisən?! Bu şəkli soyuducunun içinə yapışdır, amma yaxşı yapışqan olsun ki, arvadın şəklin qoparda bilməsin. Hər soyuducunu açanda bu şəkli görəcək və özüylə onu müqayisə edəcək və beləliklə, başlayacaq rejimə və kilo verəcək.”
Psixiatr üç-dörd ay kişinin gəlməyini gözləyib və görüb ki, kişidən xəbər-ətər yoxdur, gedib evinə. Gözlərinə inanmayıb! Kişi divanda uzanıb saqqız çeynəyərək televizora baxırmış. Çox kökəlibmiş. Psixiatr təəccüblə soruşub:” Problem nədədir? Sənə nə olub belə?”
Kişi cavab verdi: “Hər şey o lənətə gəlmiş şəkil ucbatından oldu. Şəklə baxmaq üçün soyuducunu açırdım və hər dəfə də nəsə yemək istəyirdim, hələ o qoxular… Bu səbəbdən hər dəfə soyuducunu açanda yemək yedim. Verdiyin şəklin xeyri oldu, amma bu dəfə tərsi oldu.”
İnsanlar axmaq davranırlar. Məsələn, dayanmadan yemək yeyən insan olsun, həkimlər qadağa qoyur, hamı bunun təhlükəli bir şey olduğunu deyir, ancaq bu insanın aldığı həzz nədir? Sadəcə dilin üstündə yerləşən və dadı hiss edən kiçik bir sahə; yemək ordan o tərəfə keçəndən sonra daddan, hansısa həzzdən söz gedə bilməz. Bu, demək olar ki, ancaq axmaqlıqdır. Ancaq insanlar hər cür həzzin arxasınca qaçar və bu vaxt çox dəyərli olan vaxtını itirər. Bax, bir insanın Gantama Budda olduğu vaxt budur, bir insanın Sokrat olduğu vaxt budur. Eyni vaxt, eyni enerji, eyni potensial… Ancaq sən o vaxtı mənasız, boş şeylərin arxasınca qaçmaqla sərf edirsən.
Sadəcə tək-tük insan bəzən heç nə etməmək sənətini bilir. Heç nə etmədiyin zaman tamamilə öz varlığın olursan. Etmək və olmaq həyatı yaşamağın iki yoludur. Etmək şəklindəki həyat çox sıxıcıdır: olmaq şəklindəki həyat isə alidir, ilahidir. Mən sənə demirəm etməkdən tamamilə imtina et, etmək həyatında ikinci olmalıdır, olmaq isə birinci dərəcəli. Etmək sadəcə həyatdakı ehtiyac, tələbat üçün, olmaq isə sənin həqiqi var-dövlətin, həqiqi kefin, həqiqi coşğun olmalıdır.
Cahil insanlar çox xoşbəxt görünür, çünki burda olmalarının məqsədini, amalını bilmirlər. Yerinə yetirilməli missiyaları olduğunu bilmirlər. Onlar hardasa oyuncaq ayılarıyla oynayan uşaqlara bənzəyirlər. Oyuncaqlarının forması dəyişdirilə bilər; birinin oyuncağı puldur, başqa birininki qadınlar, bir başqasınınkı kişilər. Amma nə edirsən et, məsələn, pulun artdıqca özünü daha xoşbəxt hiss edərsən, yeni sevgili tapanda, yaxud vəzifən qalxanda xoşbəxt hiss edərsən özünü; tamamilə xoşbəxtsən. Azca dərrakəlisənsə, bu qeyri-mümkündür.
Şüurlu insan belə kiçik şeylərin potensiala çatmaq üçün ancaq maneə olduğunu aydın görür. Onlar səni boş şeylərlə məşğul edər, qəbirdə sona çatacaq həyatın içində sənin başını qatar. Şüurlu insan sonu soruşmağa başlayar və bu da onun təməl axtarışı halına gələr. Şüurlu insan belə soruşur: Qəbrin fövqündə nəsə varmı? Əgər qəbrin fövqündə heç nə yoxdursa, onda bu həyat tamamilə yuxudan ibarətdir, mənasızdır. Əgər fövqdə heç nə yoxdursa, həyat elə də vacib ola bilməz, mənalı bir şey ola bilməz.
Ancaq axmaq insan cəmiyyətin ona verdiyi hər cür oyuncaqla çox xoşbəxt olar. Sən axmaq olma!
Daha bir neçə kəlam:
Səhv etmək insancadır, bunu etiraf etmək isə ilahidir.
Səhv etmək tamamilə insanlara xas olan haldır. Onu günahkarlıq hiss etmədən etiraf etmək – səhvlərini etiraf edərkən sadəcə insanlığını etiraf etmiş olursan – varlığında dönüşə səbəb olar. İlahi olandan, fövqdən gələn bir şey açılmağa başlayar.
Hər buludun ətrafında gümüşü şəfəq var və köhnə geyimin belə hansısa bir tərəfi yenidir.
Əgər optimistlər olmasaydı, pessimistlər necə kədərli olduqlarını bilməzdilər.
İnsanlar çox vaxt özlərini başqalarıyla müqayisə edirlər. Bu müqayisələr səbəbindən sevincli yaxud kədərli olurlar.
Bir dəfə çox məşhur Hindli dindarla görüşdüm. Danışıqlarımıza qulaq assınlar deyə bir neçə nəfəri də dəvət etmişdi. Belə dedi: “Bilirsiniz xoşbəxtliyin sirri nədir? Həmişə kədərli insanlara baxmaq. Şikəst insanlara baxdığınızda özünüz şikəst olmadığınız üçün sevinərsiniz. Korlara baxanda kor olmadığınız üçün sevinərsiniz. Çox kasıb insanlara baxanda kasıb olmadığınız üçün sevinərsiniz”.
Bu insan nə danışır belə?! Belə dedim: “Adi şeyi başa düşə bilmirsən. Əgər biri özünü başqalarıyla müqayisə etməyə başlasa, özünü təkcə bəxtsiz insanlarla müqayisə etməyəcək, özündən daha varlı, daha gözəl, daha güclü, daha hörmətli olanlara da baxacaq. Bu vəziyyətdə səfil olacaq. Sən o insana xoşbəxtliyin sirrini vermirsən, səfalət içində olmağın sirrini verirsən”.
Fərqli sözlər istifadə etməsinə baxmayaraq, əsas sirri eyni olan bütün dini və müqəddəs kitablar belə deyir :
– Özünü xoşbəxt hiss et, çünki çox səfil insanlar var. Allaha səfil olmadığın üçün şükür elə.
Amma bu birtərəfli qala bilməz. Müqayisə metodunu öyrəndinsə, özünü təkcə səndən aşağı olanlarla müqayisə etməzsən; istəmədən də olsa, özünü səndən yuxarı olanlarla müqayisə etməli olarsan; belə olan halda, böyük səfalət ortaya çıxar.
Əslində, müqayisə etmək doğru bir şey deyil. Sən özünsən və sənin müqayisə edilə biləcəyin kimsə yoxdur. Sən müqayisə ediləcək bir şey deyilsən. Başqa insanlar da həmçinin.
Əsla müqayisə etmə. Müqayisə səni bayağı, bəsit olana bağlayan səbəblərdən biridir, çünki müqayisə rəqabət yaradır, rəqabət də acgözlük yaradır. O tək gəlmir, özüylə bir çox şeyi də gətirir. Bir dəfə rəqabətçi hala gəldinsə, bunun sonu yoxdur, o bitmədən sən tükənmiş olacaqsan. Rəqabətçi olmusansa, demək həyatındakı ən axmaq yolu seçmisən.
Etdiyi qısa açıqlamalar çox məntiqli gəldiyi üçün yaşadığı dövrün müdrik insanlarından biri kimi tanınan Henri Forddan bir dəfə soruşublar. Henri Ford: “Tarix cəfəngiyyatdır” – deyən ilk insandır və bu, tamamilə doğrudur. Ondan soruşublar: “Uğurlu həyatınız boyunca nə öyrənmisiniz?”. O, tanıyacağınız ən çox uğur qazanmış insanlardan biridir, kasıblıqdan dünyanın ən varlı insanı olma nöqtəsinə ucalmışdır, dediyi sözləri yadda saxlamaq lazımdır. Henri Ford belə cavab vermiş: “Uğurlu həyatım boyunca sadəcə bir şey öyrəndim – nərdivanı, pillələri çıxmağı. Və son pilləyə gələndə özümü çox axmaq və utanmış hiss etdim, çünki artıq gedəsi yer qalmamışdı”.
Arxamca gələn, eyni nərdivanın yuxarı pilləsinə çatmaq üçün çox çalışan insanlara özümü axmaq kimi hiss etdiyimi deyə bilmərəm. Niyə mübarizə aparırdım? Əgər onlara: “Olduğunuz yerdə qalın. Vaxtınızı boşuna sərf etməyin, çünki heç bir şey yoxdur. Bir dəfə yuxarı, zirvəyə çatdınızsa, orda qalacaqsınız. Aşağı düşə bilməzsiniz, çünki bu geriləmə kimi görsənər. İrəli də gedə bilməzsiniz, çünki qabaqda gediləsi yer yoxdur” – desəm, məni heç kim eşitməz.
Dövlət başçıları, baş nazirlər özlərini ilişib qalmış kimi hiss edər. Artıq reallaşacaq bir şeyin olduğunu bilirlər, o da düşməkdir. Qalxmalı yer qalmayıb, olduqları yerdən aşağı düşməkdən başqa gediləsi yer yoxdur. Buna görə vəzifələrindən sıx-sıx yapışıblar, ancaq bu, doğru yaşamaq şəkli deyil. Əvvəl nərdivana çıxıb insanlarla mübarizə edərsən; ən sonda ilişib qalarsan, və heç kim onu səndən ala bilməsin deyə son pillədən bərk yapışarsan. Bunların hamısı dəlilik deyil?
İnsanlar bu planeti dəlixanaya çevirdi. Əgər ağlı başında olan biri olmaq istəyirsənsə, hansısa bir günahkarlıq hissi, hansısa bir lənətləmə olmadan özün ol. Özünü qəbul elə.
Bu, sənə verilmiş bir hədiyyədir; minnətdar ol və sənə başqasının oxşarı olaraq yox, olduğun kimi böyüməyin üçün, özünə məxsus mənliyində qala bilməyin üçün köməkçi olacaq şeyləri axtarmağa başla.
Özün olmaqdan daha böyük xoşbəxtlik yoxdur.
Bepul matn qismi tugad.