Kitobni o'qish: «Leyli və Məcnun»
Nizami Gəncəvi
LEYLİ VƏ MƏCNUN
(nəsrlə sadələşdirilmiş)
QEYSİN LEYLİNİ SEVMƏSİ
Bu hadisəni nağıl edən belə danışır ki, qədim zamanlarda ərəb torpağında Amiri tayfasının başçısı olan bir xəlifə vardı. Çox səxavətli, ürəyiaçıq və alicənab bir şəxs idi. Şöhrəti bütün aləmə yayılmışdı: varda, dövlətdə çoxlarını heyrətə salmışdı. Həm də çox əliaçıq idi, kimsəsizlərə, fağır-füqəraya əl tutardı. Lakin bu böyük insanın şöhrətinə bərabər bir də dərdi vardı. Onun övladı yox idi. İşıqsız şama bənzəyirdi. Bu xəlifə vardan, dövlətdən daha çox övlad istəyirdi. Bəxtini köməyə çağırar, Allaha yalvarıb ondan nicat diləyərdi. Özündən sonra bir varisinin olmasını istəyirdi. Nəslini davam etdirəсək, bir gün özü dünyada olmayanda onu yaşadacaq oğul arzu edirdi. Bu məqsədlə də min-min acın qarnını doyurur, nəzir-niyaz paylayır, fəqət bir nəticəsi olmurdu. Amma ümidini Allahdan üzmürdü, inanırdı ki, yardım üçün uzatdığı əllər boş qalmayacaq. Əgər qismət belədirsə, deməli, bu işdə nəsə bir hikmət var. Dünyada çox şey olsa da, biz onlardan yalnız bir neçəsinə nail oluruq. Ürəkdən nə qədər arzular keçsə də, gizlində qalmağı bu arzulara bir gözəllik və maraq verir.
Nəhayət, oğul həsrətilə qəlbi yanan bu ərəbin naləsini Allah eşitdi. Yanğısının üstünə su səpdi, ona bir oğul bəxş etdi. Gözəllikdə tayı-bərabəri olmayan bir körpə dünyaya gəldi – üzü aləmə nur saçardı, dodağı nar kimi qırmızı, özü isə çiçək kimi ətirli idi. Ata oğlunun üzünü görən andan xəzinəsini açdı, hədiyyələr, nəzirlər payladı. Uşaqla dayələr məşğul olurdular. Elə ki bu uşaq ikihəftəlik oldu, sanki beşikdən ay baxırdı, onun adını Qeys qoydular. Böyüyüb on yaşa çatdıqda gözəlliyi dillər əzbəri olmuşdu, onu görən hər kəs gözəlliyinə heyran olar, Tanrıdan can sağlığı diləyərdilər. Nəhayət, məktəb yaşı çatdı, bir dəstə qız və oğlanla bərabər məktəbə getdi. Məktəbdə elmin sirlərini öyrənir, öyrəndikcə də kamala dolurdu. Qeysin bu işdə hünəri vardı, fənləri öyrəndikcə daha da mükəmməl biliyə yiyələnirdi. Onunla gözəl bir dilbər otururdı. Bu qız da ağlı, kamalı ilə bərabər gözəlliyi ilə də görəni heyran edirdi. Üzü sanki ərəb ayı, saçları elə bil gecə idi, həyalı və abırlı idi. Saçları gecə (leyl), adı da Leyli idi. Hamı ona meyil salmışdı. Qeys də bu gözəli görən kimi biganə qala bilməyib könlünü ona verdi. Leyli də onun bu sevgisini cavabsız qoymadı – könüldən-könülə bir sevgi boy atdı. Eşq badəsindən içib məst oldular. Birlikdə elm öyrənər, lüğətdən söz axtarardılar, amma indi onların başqa “lüğətləri” vardı. Yoldaşları kitab açanda, onlar eşqdən söhbət açardılar. Başqaları hesab sayarkən onlar yalnız özlərini sayardılar. Beləcə, onların sevgisi günü-gündən güclənirdi. Zalım məhəbbət öz qılıncını çəkib bu iki gəncin qəlbini qarət etdi,ürəklərindən səbirlərini apardı. Onlar bu sevgini nə qədər gizli saxlamaq istəsələr də, bilmirdilər ki, “xoş iyi olan ətir qabda bağlı olanda belə rayihəsi duyular”. Bir müddət keçdikdən sonra isə “tuluqlar yırtıldı, eşşək yıxıldı” (ərəb məsəli), yəni sirr açılıb aləmə yayıldı. Elə ki bu sirr aşkar oldu, hamı onlardan danışmağa başladı. İki gənc bu sirri gizlətmək üçün müvəqqəti olaraq bir qədər uzaqlaşmağı qərara aldılar. Fürsət düşəndə bir-birlərinə baxar, aradabir gizlində söhbət edərdilər. Amma neyləsələr də, yayılan söz-söhbətin qarşısını ala bilmədilər. El-aləm onların məhəbbətindən danışmaqdan yorulub usanmadı. Eşqdən xəbəri olmayanlar Qeysi “Məcnun” deyə çağırdılar. Yazıq Qeys də əlacsız qalıb bu adı üstünə aldı. Elin tənəsi o qədər çoxaldı ki, axırda biçarə Leyli də camaatın “dəli” adlandırdığı Məcnundan gizlənmək məcburiyyətində qaldı. Ancaq Leylinin zərif ürəyi bu hicrana dözmürdü, gizlində gözündən yaşlar axıdırdı. Məcnun da öz sevgilisini görməyəndə gözündən yaş sel kimi axırdı. Küçəni, bazarı sərsəm kimi gəzirdi. Ah-vay edib nalə çəkirdi. Onun səsi aşiqlərin səsiydi, eşidənlərin ürəyi parça-parça olardı bu səsdən. Cahillər isə hər yerdə onun ardınca “Məcnun! Məcnun!” bağırardılar. Qeys də bu tənələrdən daha da qəmlənər, ürəyində fikirləşərdi: “Bir at sürmək istədim, at da əldən çıxdı, yüyəni də”. Onun fikrində yalnız Leylinin xəyalı dolanırdı, ürəyini onun eşqilə bölüb “iki para” eləmişdi ki, sevgilisi onu görəndə “qəlbi para” desin.
Məcnun yar dərdindəydi, yar isə uzaqdaydı. Qəm çəkirdi, qəm otağı bağlıydı. Gecələr gözünə yuxu getməzdi, dincliyi əldən getmişdi. Leylisiz dözə bilmirdi. Nə qədər çalışırdı ki, kədərini heç kim bilməsin, amma dərd-bəla canını üzürdü. Biçarə Məcnun gah başıaçıq, ayaqyalın çöllərə qaçar, gah da gecələr gizlincə nazlı pərisi üçün qəzəl oxuyaraq onu axtarar, qapılarını öpüb geriyə qayıdardı. Leyligilin qapısına bircə anda çatsa da, oradan elə bil bir ilə qayıdardı. Gedəndə bir quş kimi uçardı, gələndə yolunda tikan bitərdi. Gedənbaş sel kimi axardı, qayıdanda yolu çala-çuxur olardı. Kor-peşman evinə qayıdar, qəm-qüssə içində çapalayardı. Ümidsiz vəziyyətdə qalmışdı, hər yerdən əli üzülmüşdü. Bəxt üzünə gülsəydi, bir də getdiyi yerdən – Leyligilin qapısından qayıtmazdı.
MƏCNUNUN SƏHƏR YELİ İLƏ SÖHBƏTİ
Günü-gündən Məcnunun dərdi artırdı. İndi o, yuxusuz gözlərin sultanı, matəm ordusunun sərkərdəsi, sevda yollarının yalnız səsi, aşiqlər mülkünün qəm divanəsi idi. Məcnunun qəlbi məhəbbət eşqilə coşurdu. Hər gün sevda yuxusundan oyanıb Leylini görmək üçün onların yurdlarının kənarındakı Nəcd dağına gedərdi. Dağın ətəyini gəzib dolaşar, dilində “Leyli” kəlməsindən başqa bir ad olmazdı. Başqa ad çəkilsə də, heç əhəmiyyət verməzdi. Dağın ətəyinə çatanda sərxoş kimi yıxılıb-durar, ora-bura qaçar, dərddən əl çalıb oynayardı. Gözləri dolar, ürəyindəki dərdi coşanda ahı duyanları yandırardı. Belə ürək dağlayan anların birində o, səhər yelinə xitab etdi:
– Ey səhər yeli, tezdən oyanıb Leylinin yanına get, onun ipək telindən asıl. De ki, eşqindən yollara döşənəcək olmuş bu məzlum sənin xəbərini yalnız səhər yelindən ala bilir. Ona bir ovuc torpaq verib de ki, canını səndən əsirgəyən dərddən, qüssədən can versə, yaxşıdır, o adam bir ovuc torpağa dəyməz. De ki, əgər gözümdən bu yaşlar axmasaydı, ürəyim qəm odunda alışıb yanardı. Göydəki günəş belə mənim ahımdan alovlanır. Leyli mənim qəlbimin şamıdır, bircə məni düşünsün, öz pərvanəsini odunda yandırmasın. Mənim dərdim də, dərmanım da odur. Onun dodaqları qənddir, insaf edib bir az da aşiqinə şəkər payı göndərsin. Hər şey yaxşı idi. Heç bilmədim nə oldu, gözmü dəydi bizə? Nə oldu ki, mən yarımın gözündən düşdüm birdən-birə… Zəmanə bizi barmaqla göstərirdi. Yəqin, gözə gəlmişik. Bizim sevgimiz bir xəzinədir, üstünü örtməsək, yadlar gəlib oğurlayar.
MƏCNUNUN ATASININ ELÇİYİYƏ GETMƏSİ
Səhər açılmışdı. Məcnun bir neçə yoldaşı ilə Leylinin yurduna gəldi. Məhzun-məhzun şərqilər oxuyur, göz yaşı tökür, sərsəmlər kimi başına-gözünə döyərək inləyirdi. Leylinin çadırına çatanda tamam gücdən düşmüşdü. Leyli də bu dəm adəti üzrə çadırda oturub yollara baxırdı. O, Məcnunu görcək ah çəkdi. Məcnun da onu fəryadla səslədi. Bu anda Leyli səhər kimi işıqlanır, Məcnun isə şam kimi yanırdı. Leyli bağ içində gözəl bir bağ, Məcnun isə dağ üstünə dağ idi. Leyli qış görməmiş yasəmən gülünə, Məcnun isə xəzan vurmuş çəmənə bənzəyirdi. Onlar bir-birinə uzaqdan baxır, yaxınlaşmağa ürək eləmirdilər ki, görən olar. Qəriblər kimi uzaqdan-uzağa dayanmaqlarını da fələk çox gördü, bilinməsin deyə tez də ayrıldılar.