Kitobni o'qish: «Rübənd»
MULEN RUJ
YUXULARIMI KİMƏ DANIŞIM?
O yuxularımı ki, orda küləklər yoxdur. Qum dənəcikləri arın-arxayın ucsuz-bucaqsız səhraların köksünü yandırmaq-da davam edir......
Orda ki, nəhayətsiz ümmanlarım var, suyu bir ovuca sığar.
O yuxularımı ki, pərdələri asılıb, amma pəncərələri yoxdur.
Orda ki, məhəbbət nifrətə, nifrət məhəbbətə qarışıb və hamısı yumruq boyda ürəyin bir zərrəsində qərar tutub.
O yuxularımı ki, orda pillələr səni həm qaldırır, həm endirir. Özü!
Orda ki, ağaclar əvvəlcə solur, sonra başlayır bar verməyə. Və 10 ağacın barı bir real alçanın yerini vermir.
Orda ki, alqış nifrinə, nifrin alqışa qalib gəlir və mən bilmirəm onların hansı özümün özüm üçün uydurduğum təkamül təliminə daha yatırımlıdır.
O yuxularımı ki, orda əjdahalar gözəlləri ovlayıb öz qəsrlərində saçlarından asıb. Gözəllər gözləyir, gözləyir, igid şahzadələrdən isə səs-soraq yox......
Orda ki, bu igid cəngavərlər son nəhayətdə tapılıb gəlir və Misri qılıncı çıxarıb əjdahanın boynunu vurmaq istəyəndə, məlum olur ki,....böyründən asılan tək bircə qınmış, qılınc özü yaddan çıxıb evdə qalıb.
Və bu yerdə mən ayılıram.......Ayılıb ətrafıma boylanıram. Reallığın mənə bir şey vəd etmədiyini görüncə yenə gözlərimi bərk-bərk yumub yuxuya gedirəm...., saçından asılmış gözəllərin yanına qayıdıram, yuxumun davamını görmək üçün.
O yuxularımı ki, saniyə saniyə ilə başbabaş gəlir. Reallıqda elə deyil amma. Reallıqda saniyəmin əyər-əskiyi var. Ya normativdən qısa (onda ki, xoşbəxtlik ilahəsi çaşıb qapımı döyür), ya da uzundur (onda ki, ayaqlarımı altıma yığıb, pəncərəaltıda otururam, qələm-kağızı götürüb özümü məşğul kimi göstərirəm. Gündüzlər bu boş məşğuliyyət o qədər də canyaxıcı görünmür. Pəncərə önündə daim mənzərələr bir-birini əvəz edir, insanlar qaynaşır və gözlərinə darıxmaq imkanı vermir. Amma gecələr......., gecələr fikrin uçur xəyallar dənizlərinə, əlvan yelkənlərin üzərinə......, miskin fəzanı baxışların eninə-uzununa şumlayır...., nə qədər Ayı bürcünü axtarmaq olar?!).
Daha xoşbəxtlik ilahəsini də otağımda qəbul etməyəcəyəm. Gəlir, mən onu içəri dəvət edirəm. Daxil olur, səssizcə dayanıb, ətrafa nəzər salır. Burda nə görürsə, dönüb nəfəslikdən qaçır. Mən isə gedəni saxlamıram adətən. Ona görə daha onu çağırmayacağam.
O yuxularımı ki, odun parçaları kimi böyür-böyürə düzüb, kəndirlə sarıyıram, Cırtdanın şələsi kimi kürəyimə alıb gedirəm. Alıram ki, bəlkə ağırlığını hiss eləyim, fiziki dünyanın ölçü vahidi ilə ona bir çəki meyarı bəxş edim və onların da reallaşmaqdan (zorən!!) qeyri bir çarəsi qalmasın və mən də onların nə vaxtsa reallaşacağına bu yolla inandırım özümü.
O yuxularımı ki, orda soyuqluğu və möhtəşəmliyi ilə canları üşüdən bir mozaik görüntü var. Və bu mozaikanin parçaları məndən xəbərsiz gəlib bir-birini tapır, bir-birinin tuşunda dayanır və mənzərəni tamamlayır. Amma gerçəkliyimin parçalarını əlimdə çıraq günün günorta vaxtı gəzirəm, gəzirəm, yenə də tapa bilmirəm. Tapa bilmirəm ki, varlığımın dekorasiyasını bitirim. Hər parçamın sorağı bir dərədən gəlir, biri arandan, biri Turandan.
O yuxularımı ki, dünyanın ən mükəmməl kaleydoskopu onlara həsəd aparardı. O qədər müxtəliflik, rəngarənglik, kolorit, zövq var ki..... Heyhat! Gözümü açan kimi bu kaleydoskopu yerə...... yox, daşlara çırpıb sındırırlar ki, qəlpəsi ələ gəlməsin.
O yuxularımı ki, orda rahiblər, rəssamlar, əlində eşq badəsi, ayağı yalın, üstü cır-cındır, bu fani dünyanı avara-sərgərdan gəzib dolaşan dərvişlər var. Dərvişlər öz eşq sərgüzəştlərini bütün çılpaqlığı ilə, utanıb-qızarmadan yerli-yataqlı rahiblərə danışır. Rahiblər rənc alıb-rəng verir bu həyasız, cılpaq sevgi hekayətlərindən. İlahiyyat ilmələri ilə toxunmuş bir həya donu geyindirir və onları əli yaratmaq üçün gicişən rəssamlara pıçıldayırlar. Rəssamlar bu məhəbbət qarışıq ilahiyyatdan və ya ilahi məhəbbətdən cuşa gəlir, rənglərini, fırçalarını qabağına töküb yaradır. Çəkir, çəkir....... və çəkdiklərini bəyənmir. Sonra əl atıb duyğuların ilahi libasını cırır, söküb bir küncə atır, onu çılpaqlaşdırır, yenidən əsl dərviş məhəbbəti cildinə salır. Və bu məhəbbətin vəhşi gözəlliyindən, çılpaq bədənindən, ağılları aparan ədəbsiz cəsarətindən bayılmaq dərəcəsinə gələn rəssam elə bir şah əsəri yaradır ki,.......o səmavi rəngləri və onların ahəngini yer üzündə görmədim mən. O rəngləri yalnız mənim yuxularımın rəngsaz rəssamı yaradır. Bunlar kosmik koloritdir və gerçəkliyin haləti çatmaz ona bənzər nəsə yaratmağa. Gözlərimi qapayıram və yuxularımın rəngli (oxu: əlvan) rənglərinin bu dünyamıza axmasının qarşısını aliram.
Elə yuxularımı ki, onların fəzaları al qandır. Dərinləri, çökəkləri gözlərdəki sonsuzluğa meydan oxuyur. Sularındakı şəffaflığa, təmizliyə sahilindəki qamışlar bayatı deyir. Daşların hərəsi bir qaya parçası. Günəş isə hamı üçün eyni cür parlayır. Yaxını yaxındır yuxularımın, uzağı yaxından da yaxındır.
Elə yuxularımı ki, səni ora buraxmaram....
Və gəlsən, qoymaram gedəsən.
Elə yuxularımı ki, orda torpaqlar yiyəsizdir, meşələr ov-çusuz. Ceyranlar tənbəl-tənbəl göy çəməndə otlayır, ağzini marçıldada-marçıldada.
Orda ki........
Nə zəhər var, nə zəhərləyən.
Nə ölən, nə öldürən.
Nə gülən, nə güldürən. Şadlığa yasdı, daima nasazdı yuxularım.
Nə cəllad var, nə məhbus.
Nə əkən var, nə biçən. Nə ölənin yerinə keçən.
Nə eniş, nə yoxuş.
Nə diyirlənən, nə diyirlədən.
Nə pay var, nə payıkəsilən.
Heç nə! Heç nə yoxdur!! Orda yalnız bir sonsuzluq var. Məchulluqdan gələn və məchulluğa gedən bir yol. Kor bir yol. Ona görə sevirəm yuxularımı. Və bir kimsənin cəsarəti deyil onları mənim əlimdən alsın!
P.S. Əgər yuxuda da mənə həqiqətin inikasını göstərəcək olsalar, niyə mən yatıram onda? Məni seçim qarşısında qoymaq istəyirlər: yuxu ya gerçəklik? Qorxmurlar ki, şələ-küləmi yığışdırıb yuxularıma köçməyə qərar verərəm?......Birdəfəlik və həmişəlik?! Mənim yuxularım həqiqətin astarıdır. (pıçıltıyla: yuxularıma qonaq gəlsəz, sizə dağ çiçəyinə bükülmüş müşk tapıb verərəm....,onda bir də mənə reallıq təklif etməzsiz. Etməzsiz… )
BİR AZ ONDANAM, BİR AZ BUNDAN
Məqsədim? Məqsəd – “bir az”ları toplaya-toplaya gəlib kamilliyə yetişməkdir. Düşünürəm, pis məqsəd deyil.
Bir az ölmüş kimiyəm. Bir az bayılmış kimi.
Bir libasam, tərsinə geyiblər. Bir az düymələri içəridə qalmış kimiyəm.
Bir az başına od ələnmiş kimi, bir az da bu oddan sivişmiş kimiyəm.
Bir az təkəm, bir az da cütləşməkdən qorxan kimiyəm.
Bir az altdayam, özüləm, təmələm, bir az da təməlsiz ucaldılmış bina kimiyəm.
Sapandam, atanım yox; ucu şiş nizəyəm, saplanmağa nər sinə axtarıram.
Bir az arxadayam, özümdən irəlidəkiləri görmək üçün. Bir az da irəlidə…, məndən öndəkilər mənə arxadan çatsın deyə.
Həm buzam, şümşad sırsıralarım kəllə yarar, həm də od....sırsıralarımın “hirsini” yatırtmaq üçün.
Bir az damlara, daşlara, başlara yağan doluyam, bir az da ovucda əriyən qar dənəciyi, nizamı pozulmuş.
Bir az gecəyəm, pəncərələrdən girirəm, bir az da günüz. Gündüzlərim gecələrini sevənlərlə paylaşmaqdan bezib artıq…
Ağappaq ağam, divar ağı yox, göz ağı – bəbəyin rəngini soldurmuşam, həm də ki, qara – bəbəkləri təzədən qaraltmaq üçün.
Bir az küləyəm, bir də uğultu. At gəzirəm. Kürən bir at..... yalmanına yatıb dağ döşünə qalxmaq üçün.
Bir az boşam, bir az dolu. Dolumu boşuma boşaldırlar, dolum boş qalır, boşum aşıb-daşır.
Mey-şərabam, beyinləri uydurmaqçun. Gədəhlərim məni bir-birinə qısqanır. Onları sındırmışam, çox tündəm.
Bir az uşaq kimiyəm. Dindirmə, ağlaram.
Bir az da süst qadınam. Yaxşı gələn avazlardan diksinirəm. Mütiliyimi xoşbəxtlik sanıram. (Əcəba! Mənmi yazdım bunu?! … Öldürün məni! )
Məğlub olmuş cəngavərəm. Hücuma taqətim yox. Mənə qalxan verin, qalxan verin, qorunum.
Süd verən anayam, körpəmi aparıblar, südümü saxlamaq olmur.
Çöllər ceyranıyam, dırnağımın altından ləl-dürr saçıram.
Bir az içəridəyəm, bir az çöldə. İldırım bölüb məni ortadan. Qalmışam yarımçıq. İndi yalvarıram, calamır sağımı soluma.
Həm təlaşdayam, həm vahimədə.
Gecə toyda, səhər yasda.
Qopan naləyəm, ucalan fəryad…qulaqlara dolmaq üçün. Sevincəm, kədərəm. Bir azsız.
Bir içim suyam, bir düzüm mirvari.
Dəli bir şəlaləyəm, dağdan atıblar məni. Yerə dəyəndə çilik-çilik oluram. Hər damlamda bir dünya görərsən.
Hər damlam ömrü 10 il uzatmaq iqtidarında.
Hər məndən üzülüşün cəhənnəm əzabı.
Hər mənə tapınışın hicrana bir əlvida nidası.
Hər busəm bir vüsal hədiyyəsi.
Hər baxışım bir şam alovu.
Qucağım pərqu döşək, isti nəfəsimi heç kəslə paylaşmam, özümçün saxlaram.
Mən həyatam, dirlik, ruham mən.
Nə göydəyəm, nə yerdə.
Məni tutmaq olmaz. Sabun köpüyü tək yox olaram. Xatirələrinə çökərəm. Həyatından gedib, səni ömrün boyu ağrılara düçar edərəm.
.....dedim axı, məni tutmaq olmaz, toxunmaq da olmaz, yoxa çıxaram…
YAĞIŞ
Bu gün yağış yağırdı. Göylər bu gün yaş idi.
Kim göz yaşlarına tamarzıdır baxsın göylərə. Buludlar axıdır gözünün yaşını. Sonra pəncərələr açılacaq, evlərə sərin payız havası almaqdan ötrü. Ciblərdə mobil telefonlar səslənəcək, yağışa görə təxirə salınmış görüşləri bərpa etməkdən ötrü. Adamlar yağış gölməçələrində ayaqlarını şappıldada-şappıldada harasa tələsəcək – biri xoş xəbər aparmağa, biri bəd xəbər almağa, birinə işdən qovulması haqda məlumat veriləcək, o birinə aliment kəsiləcək, başqa birinə ilk dəfə “sevirəm” söyləniləcək. Eh, insanlar, talelər…
Xoşlayıram, yağış narın-narın, tənbəl-tənbəl səpələyəndə. Havanı qoxulamağı xoşlayıram, yağışın təravətini duymağı, bir də nəm torpağın iyini. Şəhərin həyasız quşları adamlardan çəkinmədən yağış nohurlarından su içir, dimdikləri ilə lələklərini təmizləyirlər. Heç nə veclərinə deyil. Kiçicik olmaları bir üstünlük verib onlara – yerə yaxınlıq, torpağın iyini daha yaxşı duyurlar.
Yağışlı havada yuxarıdan şəhərə tamaşa edəsən. İri prospektlər, güzgüyə dönmüş küçələr, hisi-tozu yuyulmuş ağaclar, ağaclar dibindəki qızılı xəzəl… Belə yağışda maşın selində olmağı xoşlayıram. Qoy tıxaclar yaransın, hava axşama doğru əyilsin. Bilməyim, qaş qaralana mənzil başına yetişəcəm ya yox. Qoy axtarsınlar məni, narahat olsunlar, zəng çalsınlar, qaldırmayım, – ”zəng çatmadı”.. Lirik bir melodiya tapım. Səsini azaldım, yalnız mənimçün oxusun. Musiqi sədaları altında maşının tısbağa yerişi adamı əsəbiləşdirmir, əksinə. Heç istəmirsən, getdiyin yerə gedib çatasan. Düşünməyə əlinə imkan düşüb, istifadə elə. Ya düşünməməyə?.... hər şeyi unutmağa, hər şeyin üstündən xətt çəkməyə. Yağ, yağış, yağ, apar məni uzaqlara…
Körpüləri xoşlayıram. Onların altından, üstündən keçən maşın axınını…, özü də qaş qaralanda, payızın sərinində. Hamı evinə tələsir, çox tələsənlər və çox narahatlar siqnal səslərindən bəlli.
Bir də, xoşlayıram yağış dənizə yağanda. “Dolu dəryaya yağar” ifadəsini xatırlayıb bilaixtiyar gülümsəyirəm. Bir anlıq təsəvvür edirəm: yağış hər tərəfə yağır, dənizə çatanda “susub, səsini kəsir” ki, bura dənizdir, bura onsuz da yaşdır. Dənizə baş qoşmayım, sahillərinə yağım. Damlaların dəniz səthi ilə təmasını xoşlayıram və bu təmasdan doğan dairəcikləri. O dairəciklər hərəsi bir damla taleyidir. Damlalar şappıltı ilə suya düşür və başlayır öz taleyini yaşamağa. Düzdür, bir-birinə çox bənzəyir bu damcı talelər..
Yağış kəsəndən sonra sahildə oturub, axşam düşməsini gözləyəsən. Dənizin özünə baxmayasan, yox. Xoşlamıram, özü də toran qovuşandan sonra. O mənə böyük bir qır qazanını xatırladır, ətrafında şeytanlar uzun tiyələrlə durub qarışdırdıqları iri bir çəlləyi,… ya da ucsuz-bucaqsız bataqlığı. Yox, dənizə heç gözümün ucuyla da baxmazdım. Qan rəngli qürubları seyr edərdim. Axşam alatoranında məndən uzaqlaşan dənizə “sahillə məni təkbətək qoyub, getmə” deyərdim.
Şıdırğı yağışı da xoşlayıram. Təbiətin şıltağını, dəlisovluğunu. Amma külək olmasın, sadəcə göyün navalçaları açılsın, axıtsın yerə selini-suyunu. Təbiət yaxasını cırıb ağlasın. Mən də evdən seyr edim, pəncərə arxasından. İri pəncərə qırağı olsun, orda oturum. Evdə işığı söndürüm, pişiyimi qucağıma alım, onun yumşaq tüklərini sığallaya-sığallaya burnumu soyuq, tərli şüşəyə söykəyib baxım. Yanımda şam olsun, tam qaranlıq xoşlamıram. Tam zülmətdə qaranlığın dadını bilmirəm.Hardansa işıq süzülməlidir.
Hətta əynimdə nə olmasını da təsəvvür edirəm. Açıq-qəhvəyi köhnə sviterim, dizləri sürtülmüş cins şalvarım. Sviterin qollarını çəkirəm dirsəyə qədər, darıxdırır məni. Bir qolumda saat, o birində gümüş bilərziyim. Boynumda həmayil, ondan heç vaxt ayrılmıram, yay-qış, gecə-gündüz mənimlədi. Saçımsa kürəyimdə, qıvrılır, üzümə dağılır, mənə mane olur, amma mən yığmıram onu, qoy əsəblərimi qıdıqlasın bir az. Mən ancaq fikirləşəndə saçımı yığıram. Bir də vacib rəsmi görüşə gedəndə. İndi mən heç nə eləmirəm, sadəcə yağışa baxıram.
......bu kiçicik xəyalımı gerçəkləşdirirəm. Böyük arzularımı tezlıklə həyata keçirə bilmirəm, kiçik şıltaqlıqlarıma isə göz yummuram. Pəncərə qırağında otururam. Göylər istəyimi duyurmuş kimi şivən qoparıb, dəlicəsinə ağlamağa başlayır.
Otağım qaranlıq, yanımda şam, dizlərim üstündə pişik, büzüşüb yatıb. Pəncərəmin altında şəhər nəfəs alır. Gecə işıqları meşədə uçuşan işıldaquşları xatırladır. Qaranlıq öz hamilə qarnını gərib köhnə məhəllələrin, təzə göydələnlərin üzərinə. Yağış yuyur şəhərin günahlarını. Belə havada təkəm-tükəm insanlar da görünür küçələrdə. Çətirlə yağışdan birtəhər qorunaraq, nohurlu küçələrdə sərt ziqzaqlar cızırlar. Bəzilərinin heç çətiri də yoxdur. Çıpa-çıp su içindədirlər. Amma bu onları narahat eləmir, görünür, başlarını dik tutub, şəstlə yeriyirlər, sanki qorxmurlar yağışdan. Belələrinə, təbiətin qovğasından qorxmayanlara xüsusi ehtiramım olub həmişə. Bunlar öz kiçicik insan Mənlərini təbiətə qarşı qoyanlardır.
O qədər məmnunam ki,… ya pişiyin təsirindəndir, bilmirəm, amma məni yuxu aparır. İstəyirəm gözlərimi yumum yatım və mütləq nəsə görüm. Sakit tonlu bir röya. Fikirləşirəm, əgər yuxularımçun proqram tuta bilsəydim, bunu dəqiq eləyərdim. Görmək istədiyim yuxuları görərdim, axtardığım adamlarla görüşərdım. Sonra var gücümlə əlləşərdim ki, məni arzularıma çatdıran yuxularım çin olsun.
..... səslər eşidilir. Ayırdılar məni xəyallarımdan… Qonşularımdı. Cavan ailə. Qadının da, kişinin də səsini çox yaxşı tanıyıram. Tez-tez sözləri çəp gəlir, yola gedə bilmirlər, səssiz-səmirsiz yaşamaq maraqsız gəlir onlara. Bazar günləri oğlan tez-tez harasa çıxıb gedir, itir bir sutkalıq. İşdən sonra hər axşam evə dönmür. Gözləyirlər onu, gözləyirlər.... hətta xörəyini qızdırıb plitə üzərində saxlayırlar, süfrə açırlar onun üçün, osa gəlmir. Amma eşitdiyimə görə özləri evlənmişdilər, necə deyərlər, sevib-seçib. Yeri gəlmişkən, məhz belə, yəni uca hisslər üzərində qurulan ailələrin bir çoxunun dağılmasının şahidi olmuşam. Səbəb: anlaşılmazlıq. Bütün sualları kəsən leytmotiv: “əclafın biriymiş, tanımamışam”. Mənə isə çatmır, qətiyyən çatmır, necə olur ki, illərlə görüşdüyün, gedib-gəldiyin, birgə bayramlar yola saldığın birisini tanımayasan? Yəni belə maskalanmışdı?....
Nə isə, qayıdaq qonşuma. Elə qapının ağzındaca sözləşdilər, o getdi. Getdi, arxasınca qapını bağladılar. Amma o hələ bilmirdi ki, bu son gedişidir. Daha onunçun qapını açmayacaqlar, onu evə buraxmayacaqlar. Çünki səbir kasası dolub artıq. Bu, son hədd idi, son hədə, qışqırıq, göz yaşları və ümidlərin də sonuncusu idi, hansı ki, param-parça oldu. Gərək belə qırılanana qədər naziltməyəsən heç şeyi.... Ona yazığım gəldi bir anlıq. Belə havada heç iti də evdən qovmazdılar. Onusa qovdular…, bilsəydi, heç işdən evə qayıtmazdı.
Budur, çıxdı küçəyə, heç çətir də vermədilər ona, ya özü götürmədi.....çox qürurlu adamdı qonşum. Qürurlu və zavallı… Onu müşayiət edirəm gözlərimlə…, gözdən itənə qədər. Ürəyimdə ona səbr və təmkin diləyirəm. Onunçun indi pis-di, çox pis. Amma bilmək olmaz, bəlkə ona elə bu lazımmış? Bəlkə bu epizodla gələcək xoş günlərinə imza atmış olur? Biz insanlar başımıza gələnləri həmən zaman kəsiyində tədqiq edib, pisi pis görürük, yaxşını yaxşı. Amma üstündən vaxt aşanda, məlum olur ki, o vaxtki pis yaxşılığaymış, yaxşı bildiyimiz isə əksinə....
Yağışsa yağır.... Pişiksə yatır..... Şəhərin günahları yuyulur, damla-damla. Bəlkə mən də çıxım dayanım küçədə, qoy yağış mənimkiləri də yusun.., günahlarımı.., ya bəlkə heç gücü çatmadı. Ayaqlarım keyidi pəncərə qırağında oturmaqdan.
Bir əsatir xatırladım. Göyün üzündə cırtdanların anası yaşayırmış. O cırtdanların ki, özləri yerin altında qərarlaşıb, bütöv bir cəmlik, tam bir sivilizasiya mövcudluğunda. Balaca, yox, cıppılı, saqqalları dizlərində, hirsli, eqoist varlıqlar. Qızıla son dərəcə həris oğru cırtdanlar. Yağan yağış onların anasının göz yaşlarıdır. Yuxarıdan oğlanlarının hərəkətlərinə baxır, bir şey edə bilmir, güc verir göz yaşlarına. Ağla ki, ağlayasan. Göz yaşları, yəni yağış damlaları hopur torpağa. Torpaq qatını keçəndən sonra mirvari dənəciklərinə çevrilir. Bu dənəcikləri onun oğlanları birər-birər gəzib yığır, bütün yeraltı məkandan, kölgələr krallıqlarından. Öz canları bahasına. Yəni risklə, filan-beşməkan. Toplayıb sayırlar. Neçə sandıq topladıq? Bu say müəyyən həddə çatanda, cırtdanlardan biri (məhz kim, bunu püşk atmaqla özləri seçir) yeraltı əsarətdən canını qurtarır. Onun karması dəyişdirilir, adam qiyafəsinə salınıb, yerin üstünə göndərilir. Göndərilir ki, insan həyatı yaşasın, insan kimi. Yəni bizlərə daha irəli getmiş varlıqlar kimi baxırlar, amma mən deməzdim… Nə isə, mənim nə düşündüyümün mətləbə heç bir dəxli yoxdur, ona görə düşüncələrimi özümə saxlayım, söhbət indi cırtdanlardan gedir. Yer səthinə göndərilmiş cırtdan burdakı insan həyatını sona vurduqdan sonra bizlər kimi ölmür, göylərə çəkilir, anasının yanına və orda, səma ierarxiyasında özünə münasib yer tutur (baxır burda necə yaşayıb, nələr qaynadıb. Əgər göylərə layiq deyilsə, yenidən öz qardaşlarının yanına göndərilir). Ana isə ağlamağından qalmır. Elə hey ağlayır ki, o birilərini də yer səthinə qaldıra bilsin.
Belə… Yağış kəsmək bilmir. Mən durum gedim. Pişiyi yerinə qoyum, özümə şərab süzüm. Bir vacib zəng çalmalıyam.., bir problemə çözüm verməliyəm bu gecə. Əvvəlcə eyvanın qapısını açım, otağı buzladım. Üşüyüb donanda real dünyanın reallığına daha qəti inanıram. ., bütün nikbin-bədbin fikirlər məni tərk edir, hər bir şeyin faniliyini daha yaxından hiss edirəm.
Qonşudan yenə səslər gəlir. Kimsə qapını döyəcləyir, özü də inadla. Ba! Ola bilməz! Yəni proqnozumda yanılmışam mən? Qonşum qayıdıb gəldi ya…?
Bütün təqsirlər yağışdadır!
QADIN NALƏSİ
Niyə qadınlar güclü olmalıdır?
Biz məyər bunun üçün yaranmışıq?
Biz deyilikmi dünyaya yeni həyat bəxş edən, körpələri nəfəsimizlə qızdıran, yer üzünü şəfəqimizlə nura boyayan?
Dünyanı idarə edən ağaları biz böyütmədikmi? Ərlərin, ərənlərin, Beyrəklərin, Babəklərin, Qazan xanların, comərdlərin anası deyilikmi? Koroğlular, Nəbilər döşümüzdən süd əmməyibmı? Bütün bunlar güc, qüdrət nişanəsi deyilmi?
Bəs deyilmi gördüklərimiz, etdiklərimiz? “Edə biləcəkləriniz etdiklərinizdən daha çox” deyib niyə bizi imtahana çəkirsiz? (heç bilmirəm kimə xitabən deyirəm bunu? Dünyaya ya kişilərə?)
Sən qadınsansa, güclü olmalısan!
Döz! Dözməlisən. Sənin yaraşığın gözəl çöhrən, bal dodaqların, qulac saçların yox, dözümün olmalıdır. Döz! Yoxsa “döyüləcəksən”. Alçaldılıb, aldadılıb məhv ediləcəksən. Yox, yox, ağlama! Ağlamaq qadına yaraşan iş deyil. Bu, zəiflik əlamətidir. İntihar etməyi heç ağlına belə gətirmə! Qadınlar səltənətinin Kraliçalarının adına ləkə vurmuş olarsan. (bu yerdə tarixə düşmüş qadınları sadalamaq olar). Döz! Dözümünlə qadınlığını sübut elə!
Ah! Bunca zülm olar? İstəmirəm! Yoruldum artıq! Güclü olduğumu sübuta yetirməkdən yoruldum. Usandım.
Hər bir işi boynuma götürüb, canım çıxsa da axıra qədər boyunduruq altında inləməkdən yoruldum.
Yorulduğumu, sıxıldığımı gizlətməkdən yoruldum.
Göz yaşlarımı içəri axıtmaqdan yoruldum.
Daxilim ağlarkən, üzümə xoşbəxtlik maskası taxmaqdan yoruldum.
Özüm bataqlıqda boğulduğum halda, başqasını elə həmən bataqlıqdan çəkib çıxartmaq məcburiyyətindən yoruldum.
Öz göz yaşlarım selə dönərkən, başqasının göz yaşını nəfəsimlə qurutmaqdan yoruldum.
Lal sükutdan, çarəsizlikdən, böyüyərkən kiçilməkdən, diriykən hər gün ölümlə qol-boyun olmaqdan yoruldum.
HARAY! Özüm üçün yaşamaq istəyirəm! Qadınlığımı,...... əsarətin qanlı pərdəsini yırtmış, quduz barmaqlarını sındırmış, günü əsrə bərabər tənha qadınlığımı yaşamaq istəyirəm. Qadın kimi yaşamaq istəyirəm. Zəif, zərif, kövrək, xatirələri ilə başbabaş, heç kəslə boş, mənasız mübahisələrə girməyən, hər cür roldan, zordan, qəddarlıq və kobudluqdan uzaq məsum və daim himayəyə ehtiyacı olan bir qadın kimi......
Yəni belə mümkünsüz bir arzudur?
DƏNİZ, MƏNİ QƏBUL EDƏRSƏNMİ, DƏNİZ?
Dəniz, məni qəbul edərsənmi?
Dəniz, dəniz, dəniz.... Niyə biri intihar etmək istəyəndə, gəlib səni tapır? Sən ağzıbütövsən, sirr verən deyilsən, ona görə? Ya izləri daha yaxşı silirsən, ona görə? Bəlkə batanın günahlarını yuduğuna görə?.... Axı sui-qəsd ən böyük günahdır, deyirlər.
Niyə birinin qəlbində qasırğalar coşanda, fırtınalar qopanda, hirsi beyninə vuranda, gözü bu düzü-dünyada heç nəyi görməyəndə, canını götürüb sənin sahillərinə gəlir, mavi sularına dalır, hey dalır…, qəlbinin dərdini sənlə bölüşür, başının üstündəki qara buludları sənlə dağıdır? Niyə? Sən “su hərisinin” susuzluğunu yatırda bilirsən, ona görə? Alışan ruhlara su çiləyirsən, ona görə? Ya dünyada misli görünməyən dərd dağarcığı, qəm dəryasısan, ona görə? Qəm dəryası… Təsəvvür edirəm, tərkində nələr gizlənib…
Niyə biri sulara qərq olmuş Atlantidanı səndə axtarır, ümman?
Niyə biri səndə keçmiş sivilizasiyaların bizə miras qoyduğu piramidaları axtarır? Misir ehramları bəs etmirmi bizə? Bəyəm onların sirrlərini öyrənib qurtarmışıq?
Niyə biri sənin dibində qızıl, ğümüş, ləl-cəvahirat gəzir? Batmış gəmilərin sirrini heç kəsə verməyəcəkmisən? Çoxmu quldurların olub? Çox idbar və qısqancsan…
Paslanmış dəmir parçası, …yosun basmış kayutlar,… toza dönmüş insan sümükləri,…əsrlərin tapdağı altında qalmış içi xəzinə dolu sandıqlar,…balıqlara yem olmuş dəniz xəritələri,…balıqqulağılardan sanki sap-sap mirvari geymiş gəmi göyərtəsi.... Bunlar hamısı bir vaxt dəniz səthində imiş...... indi tərkindədir.... İndi bunlar sənin oyuncaqlarındır. Nə pis oyuncaqlarin var....
Söylə, sularında çoxmu “qara deşiklərin” var, kosmik fəza kimi? Çoxmu insanın həyatına son qoydun? Varlığının üstündən xətt çəkdin, taleyini qara yazdın? Dəniz, .....dəniz… sevmirəm səni.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimlə qasırğalar, fırtınalar coşaydı,
qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
yapışaydım belindən.
(M.Müşfiq)
“Məni həvəslə qucaqlarkən dalğalar”, çox-çox ümid edirəm ki, məni onların əlindən ala biləcək bir KİMSƏ tapılmayacaq.
Dəniz, məni qəbul et, səninəm.
GEDİRƏM
Səsimi sizlərçün qoyub gedirəm. Fəzadan asacam onu. Heç PLAY basmaq da gərəkməz. Sadəcə məni düşünməyiniz yetər ki, səslənim sizlər üçün.
Sözlərimi qulaqlardan şəbəkə sırğa kimi asıb gedirəm. Baxın, qırılmasın, hayıfdı.
Haqlı olduğum dəqiqələrin aciz hönkürtüsünü, taleyinsə mənə etdiyi haqsız iradları bir siniyə yığıb, bəzi kimlərin yox vicdanının məhkəməsinə buraxıb gedirəm.
Xatirələrimi yüklədiyim son və gecikmiş qatarın qulaqbatıran uğultusu ilə sizləri perronda tək buraxıb gedirəm.
Sınıxmışam davalardan, şavalardan. Piara ehtiyacım yox, qanmırlar bunu. Üzümə ələk tutub gedirəm.
Hər şeydən küsüb, inciyib gedirəm.
Kölgəm də bəyənmir məni. Əvvəllər mənimlə gizlənqaç oynayardı, indi daşqalaq edir. Neynim? Dabanlarını dabanlarıma tikim? Qorxuram, atar məni. Bu boyda itkiyə dözə bilmərəm sonra…
El içinə necə çıxaram? Kölgəsiz qadın.....Məni cadugər pəri sanıb odda yandırarlar..... Ona görə dördəlli yapışmışam kölgəmin ətəklərindən ki, məni atıb getməsin. Ona nə var? Onun sifəti yoxdur ki.....qızarsam, mən qızaracağam.
Silflərlə salamandrlar, su pəriləri ilə cırtdanlar məni gözləyirlər. Burda qiymətim yox ki...... Onların şahzadəsi olmağa gedirəm. Burda ölüb, orda dirilməyə gedirəm.
Ədalətin həyatlara yamandığı yerə gedirəm.
Nurun zəfər çaldığı, ruhların ucaldıgı, insanların qocalmadığı və yalanların yox olduğu yerlərə gedirəm.
Bir az uzaq dur məndən, Günəşimin qarşısını tutma. Sən ki, hələ yalanlardan və murdarlıqlardan bezməmisən. Qal onda burda. Məni isə burax, gedim.
Məni yalqız buraxan gecələrdən töycü almağa gedirəm.
Suallarımı bu dünyanın tərkini bilən qocalarla paylaşıb gedirəm. Cavabları göylərdə axtaracam.
Heç ayağımın altına, önümdəki yolun ağına baxmadan gedirəm. Bilirəm ki, nə yıxılanam, nə büdrəyən.
Sizləri mənsiz buraxıb gedirəm.
Gedirəm, əfsus, xatirələrimə virus düşüb, silinib hamısı. Hayıf o cındır, yamaqlı xatirələrdən…
Gedirəm. Cavab verməyə gedirəm.
Bir dar ağacı qurulub mənimçün. Gərək o ağacın gözünü yolda qoymayım.......
Nə vaxt qayıdacam?
Ah, nə acı zarafat.... gözləyin… gözləyənçün qayıdacam.
Günəşlə ay göy qübbəsində eyni vaxtda görünəndə –
Qara daşlar günəşdən ilham alıb göyərəndə –
Xeyirlə Şər barışıq elan edəndə –
İlk baharla son bahar bir araya gələndə –
Bax onda gözlə məni.
Pəncərə önündə durub, gecənin lal sükutuna tamaşa edərsən, ayın şüasını badənə doldurub başına çəkərsən, cəsarət toplarsan, iradəni yumruğuna düyərsən, səni sürpriz gözləyir.....sonra fırlanıb arxana baxarsan: sənin odanın ən sevimli yerində – kresloda, soba qarşısında tapacaqsan məni.
İSTƏYİRƏM…
ÇOX ŞEY İSTƏYİRƏM
İstəyirəm külək olum, bacalardan dolum, sobaları söndürüm.
İstəyirəm uğultu olum, nəvəsinə qorxulu nağıllar danışan nənənin sözlərinə qüvvət.
Sonra hənirtiyə çevrilim, gözü qapıda, qulağı səsdə, canı əsirdə qalmış tənha qadının qulluğunda durum. Gözünü qapıdan çəkim, canını əsirdən qurtarım, qulaqlarını elə oxşayım ki, bir də səs gəzməsin.
Gecə klublarında oxuyanların əlindən mikrofonu qapım, romansları öz bildiyim tərzdə oxuyum.
İstəyirəm alatoran olum, nə çox tünd, nə çox açıq. O ala-toranda sevgisini paylaşanlara dil verim. Əllərindən tutum, göl sahilinə endirim…, bayquşları susdurum ki, gözəlliyə pəl qatmasınlar.
İstəyirəm bir əsgər məktubu olum. Gözü yolda qalan analara hədiyyə.
İstəyirəm sağalmaz bir xəstəlik olum, pislərin, əclafların, alçaqların canına çöküm, sümüklərinəcən didim-dağıdım onları.
Bulud olmaq istəyirəm. Dolum-boşalım. Ağlamağı unudanlara ağlamağı yenidən öyrədim.
Bir sini istəyirəm, onu doldurmaq üçün. Meyvə-filan, lələ-gülə, üstündə qatı açılmamış bir dəstə pul (iri kupyurlarla). Sonra da o sinini kasıbın bacasından içəri sallayım və qaçım gedim......arxamca oxunan duaları eşitməmək üçün.
Bir səhəng istəyirəm. İçini bulağın buz suyu ilə doldurub, səhrada azmış səyyarın qabağına çıxartmaq üçün. Alnından yaş dodaqlarımla öpüb, yoluna davam eləməyi məcbur edim onu.
İstəyirəm bir yoxluğa çevrilim.......
Bir heç olum........əriyim gedim. Qoy axtarsınlar məni. Tapmasınlar. Mən də səmirsiz səsimlə gülüm, eşitməsinlər məni.
Tənha meşə cığırındakı o silinməz ləpir özüm olum. Ləpirə düşüb arasınlar məni. Ləpir onları dünyanın qurtaracağına gətirib çıxarsın. Dünya qurtarsın, mən tapılmayım.
Burulğan olmaq istəyirəm. Kimisə udum, sakitləşim, dənizin dibinə çəkilim, pusquda durum, gözlərə görünməyim.
Xörəklərin dadı olum. Sirrim zəfəranda-zəncəfildə yox, əllərin duzunda olsun. Məni nə tutmaq mümkün olsun, nə də hədiyyə vermək.
Kosmik toz olum. Şəhərin üstünə yağım. Kütlə halında problemlərə, tək-tək “heç nə”yə səbəb olum.
Yağışın damlalarına çevrilim, pəncərələri taqqıldadım. Pəncərəni açanda üzlərə çırpılım.
Fırtına olum. Əllə tutula bilməyim. Gözlə görünüm.
Sevda olum. Toxunmaq mümkünsüz, amma ürəkləri ağrıdım.
Səbəbsiz ağrı olum, cisimsiz can. Cana cisim qoşum, ağrıya səbəb.
Sinkretik bir nəsə.....Özüm deyib, özüm çalıb, özüm oynayardım. Ehtiyacım olan yeganə şey – təzənə.
Dar macalda sivişib sudan quru çıxmaq istəyirəm. İstəyirəm itim ilim-ilim, tapmasınlar məni. Axtarsınlar, arasınlar.....
Küləklərdən soruşsunlar..........külək fışıltıyla cavab versin.
Gecələrdən soruşsunlar..........gecə çiyinlərini çəksin.
Cücələrdən soruşsunlar...........cücələr qara gecələrdə gizlənsin.
Çıraqlardan sorsunlar............çıraqlar işığını keçirsin.
Axan bulağa üz tutsunlar.............bulaq qurusun.
Təpədən sorsunlar...............təpə yerlə düzlənsin.
Xəritələrdə axtarsınlar məni...............xəritələr çaşıb qalsın.
Əlqərəz.....Tapmayıb, məni ölmüş bilsinlər. Baxım görüm, ağlayanım çoxmu olacaq?
Sizlər məni axtarmaqda olun, mənsə…sizi dərdinizlə baş-başa buraxım. Və xoşbəxt olum. Gülüm, gülüm, gülüşümdən çələng hörüm, başıma taxım. Qanrılıb keçmişimə həqiranə bir nəzər salım, yuxarıdan aşağı. Aramızdakı göbək ciyəsini dişlərimlə kəsim, ayırım o hidranı özümdən, bir də qələt eləyib arxamca gəlməsin.
Musa Yaqubun
“Mənim dərdlərimin ayaqları var,
Harda olsam, gəlib tapacaq məni”
kəlmələri bir daha mənə yapışmasın.
İTMİŞƏM
Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə,
Kim, bu səhranın güzərgahlada çox səyyadı var.
(M.Füzuli)
İtirmişəm özümü. Dəqiq. Yoxam. Cəhənnəmin kor bucağında ya bulanıq sulu Stiks bataqlığında itmişəm.
Zamanın imtahanından çıxıb, 600 il qılınc oynadan Dekameronlarda itmişəm.
İtaliya İntibahında; Bokkaççonun şirin sevgi macəralarında; Florensiya taunundan canını götürüb qaçmış bir dəstə gəncin (onluğun) “Ongünlüy”ündə;
“Dantenin Tertsinası”nda, Ərafdakı mötədil təmizlənmə prosessiyasında və ya Cənnətin ülviyyətli epizodlarında;
“Peccatum” (günah) sözünün elə ilk hərflərində;
Monreal kilsəsində, 18-ci əsrin alleqorik büstlərində, Versal imarətinin Kapellasında, Apollon məbədində, saray freskalarında, Bottiçellinin “Veneranın doğulmasında”..... ya Rafaelin Sikstin madonnasında, Corconenin “Yatmış Venera”sında, ya bəlkə Titsianın “Danaya”sında – ordakı qızıl yağışında, gözəlliklə eybəcərliyin vəhdətində.......Korreconun “Gecə”sində
İ T D İ M....
həll oldum, üyüldüm-ovxalandım, civə kimi ətrafıma səpələndim (bastalamayın dənəciklərimi),… qarışdım möhtəşəm Gözəllik imperiyasının daxilimi çevirən altun parıltılı partlayışlarına və itdim orda.
Ah, bilsəz, gözəlliyi seyr etməkdən necə xoşlanıram.... Hamı sevir gözəlliyi – gözçün və ürəkçün məlhəmdi o. Amma mən həm də onun quluyam. Gözəllik olmayan yerdə yoxam mən.
Həyatda özümü itirdim, gözəlliklər və nağıllar aləmində tapmaq ümidi ilə. Amma orda da yoxmuşam...., ordakı gözəllik və ağlasığmaz nağıl əfsanəsi ram etdi, əritdi məni içində....yenə də kaybettim özümü..
İtirilmək müdhiş bir şey. Özün tərəfindən itirilmək. Var ölü canlar, var itmiş canlar.
İtirilmək – arzuların puça çıxması deyil, yox.
İtirilmək – Məhəbbətinin nəm torpaqlarda basdırılması da deyil, yox.
İtirilmək – Hər gün başqasının həyatını yaşamaq deməkdir. Başqalaşmaq deməkdir. Gedib şəxsiyyət vəsiqəsini açırsan. Budur, ad və soyadın. Səni bu adla çağırırlar. Güzgü qabağında durursan. Ordan sənə sən baxır. Demək, de facto hələ özünləsən. Amma yaşantın başqa şeylər deyir sənə.
Ölü dişlər soyuğu hiss etmədiyi kimi hiss etmirsən özünü.
Əslində xoşbəxtlik səndən o qədər də uzaq deyil. Amma əgər ona çatmaq üçün kəlmeyi-şəhadətini oxumalısansa, onda necə? Üstünə yağdirilacaq daşlardanmı qorxursan? Ya bəlkə səni ortadan bölə biləcək bumeranqdan? Etmə, etməsinlər…
Ona görə itməyə məcbursan. Yalanlar və şişirdilmiş “qafiyə və ritmika” dünyasında....Saxta çərçivələrdə.... məhz saxta. Çünki barmağının bir tərpənişinə bənddir ki, uçub sökülsün, yerlə-yeksan olsun. Amma sən barmağını heç vaxt tərpətməyəcəksən......uçurtmamaqçun.....
Yaşam proqresmi, emanasiyamı? İbarəsiz..
Gur məşəlim vardı....Bütün həyatımı işıqlandıracaq qədər güclü. Onunla gecələr keçilməz meşələrə belə baş vurardım və güvənərdim ona. Sonra çırağa döndü. Evimə, taxta sınıq masamın üstünə qoydum onu. Komamı işığa qərq etdi. Ümıd qığılcımları səpdi.....balaca, sönük, zəif də olsa, hər halda, qığılcım idi…hər haıda ümıd idi. Heyhat! Sonra şama çevrildi. Öləziyən işığını güclə sezirdim. Nə istisi, nə alovu.....O məni yox, mən onu işıqlandırmağa başladım. Yox, rolların belə paylaşmasına dözməm. İstəmirəm. Onu üfürüb keçirə-cəm və bu ucsuz qaranlığın qoynunda yenidən itəcəm.
Alışan kötüklər kəsövə dönmüş, közərıb qarsalanmış, eybəcərləşib tapdanmış.
İtdim…
İtmişəm.
Səhraların qumuna, küçələrin tozuna qarışıb itmişəm.
Gecə səmasının sayrışan ulduzlarında axtar məni,
ucsuz dənizlərin bucaqlarında.
Toyda – mağarda, kef məclislərində itirsən,
sərxoş sabahlarda axtar məni.
Tapdın, daha qoyma itim. Bir iynə tap, sancaqla məni göyə, öz bürcümün ətəklərinə. Qoy asılım qalım orda, yoxsa yenə düşüb qaçacam.
MƏN KÜLƏYİN QIZIYAM
Üfüqlərdən boylanan sabahlara salam!
O, varlığımda mənim. Bu günümdə, sabahımda, açılan qönçələrimdə, çapar atlarımın yalında, qartallarımın sərbəst uçuşunda, lələklərinin arasında,..... rəflərimdə, kitab səhifələrində, qapımın kandarında, qaşımın düyünündə.....o.
Külək..... Məni öz inhisarında saxlamış. Mənsə onu rədd etmirəm və “yox” demirəm, çünki o – mücərrəd məchulluq, güc, möhtəşəmlik tərənnümü, mənsə....mənsə – zərrəcik. Onun sovurub apardığı on milyonlardan biri. Biz varlığımıza tapınıb, simvolizmə tabe olduğumuzca məsud oluruq. Həyatın cığırındakı addımlarımızın sayını artırırıq, onun daxılına tulladığımız qəpiklərin cingiltisini.... Üsyankarı eşafot gözləyib həmişə.....yox, elə daxıl yaxşıdır..
Qılınc kimi kəsən külək. Elə əsər ki, çəkisi yüngül, arıq sısqa canları götürüb aparar, gözləri toz-torpaqla doldurar, nəfəs çəkməyə qoymaz. Bu, məşhur Bakı xəzrisidir. Qədimlərdə İçəri şəhərin evləri küləyin nazına görə tikilirmiş. Xəzri tutan tərəfdə divarları ikidaş edərmişlər və pəncərə qoymazmışlar. Çünki dəli xəzrini yaxşı tanıyırdılar.
Bir də gilavar var. Abşeronun gilavarı. İndi bu sözləri yazıram və burnumun ucu göynəyir o gilavarçun....., Abşeronun qızıl qumuyçun, ləpələrin sillələdiyi yalçın qayalarçun.... Adamı dalağına qədər yandırardı gilavar. Belə küləkdə dəniz çox hiyləgər olurdu, aparırdı adamı. Gilavarda çimməzdik heç vaxt…
Daşına-torpağına, xəzrinə-gilavarına qurban, Bakı...., nəfəsinə qurban, küləkli nəfəsinə, xışıldayan, göynədən, yandıran nəfəsinə..
Bir də burağan var – dəniz üzərində olur, bir də qasırğa – quruda olur. Onlar mənimki deyil, yazmayacam onlardan.
İldırımın tuş ünvanı.....qocaman palıdım....niyə axı təpəlikdə tək bitdin?? Ətrafın əvvəldən “kimsəsiz” idi ya rüzgar təmizləmiş? Sənin kimi qocaman olmaq istəməzdim. Ətrafımın süpürülməsindən qorxuram. Sənlə oxşarlığımız var, bilirsən? Sənin də illərlə bəslədiyini odun bir dilimi yalayıb aparır....
Yuva mənası mənasızlığa yuvarlanmış, bünövrələr uçurdulmuş, sultanlıqlar çökdürülmüş, şahlıqlar süquta uğramış, ......“Nuşirəvanla bayquşların söhbəti” bütöv bir qurultaya çevrilmiş. Utan! Cüzamlı yaralar xəstəsi kimi utan! Parabüzən qanadındakı qara xallardan allanıb qızarıb. Sən də utan! Ah, mücadilələr yazan qələmini alıb, iki parça edərdim, yazdığını tərsə oxuyardım, bir də yazmazdın. Sansaranın çərxinə paz salardım, burulğanına daş tökərdim, boğardım onu, bir də fırlanmazdı.
Gözlərimin bəbəklərində çürüyən qovğalar, həyatımın salxım-salxım misraları, suyuna ümid damızdırdığım gələcək, “inşallahlar”, “bismillahlar”...... Nə olmuş? Nağıllarımın qanadını kim qırmış? Hansı nakəs? Niyə kamım pərvazlanıb uçub məndən? Bəlkə həddimi aşmışdım, daha ötə istəmişdim?
Qafiyəni başqaları tutur həmişə, mənə qalan rədiflərdi.. Nə qədər binar və mücərrəd fikirlər məngənəsində qalacam, görəsən? Umsundum.... yeknəsəkliyin kəsif qoxusundan…
Oxxx, dabanlarımın altında qalıb xırçıldayan nə? Ətrafıma səpələnib günün şüalarında 52 000 rənglə bərq vuran bu büllur qırıntıları gözlərimi deşir, dəli bir inadkarlıqla mənə nələrisə pıçıldayır və nəyisə xatırlamağa çağırır. Anladım, anladım nəymiş bu. Yerə çırpılıb çiliklənmiş arzular, qanadlı, dimdikli, büzdümlü, canlı arzular. İndi sərt, kələ-kötür qırıntıları ayaqlarımı kəsir, qana bulayır. Susuram… Susalım da, başımız dinc olsun. Deviantı nə gözlədiyini ki bilirik..
Məni küləklərimlə təkbətək buraxın. Həyatımın küləkləriylə. Qızılı xəzəlimi aparın, payızıma dəyməyin. Tənha vaxtlarımda qapımı döyən tək bircə o olmuşdu. Zaman modusu kimi yox, qaçılmazlıq kimi yox, əlahiddə bir şey kimi. Mənə olunan növbəti həmlə kimi yox, bir təşəbbüs kimi. Ona görə sevdim payızı.......3 aylıq. Sonra getdi həyatımdan və.... unutdum.
Deyəcəksiz, vəfasızam? Yox, belə deyil. Sadəcə öyrəşmişəm....gedənləri unutmağa.....Əgər hər həyatından gedəni xatırlasan, özün də öz həyatımı vədədən qabaq tərk etmiş olarsan.
Mən küləyin qızıyam. Onsuz mənim damarlarımda qan da dayanır....ya tərsə axır?? Mənim zefirim günbatandan vurur, Yevr – gündoğandan. Doğan günəşin şəfəqlərinə bələyir məni, mənsə o işıq selində mənalar axtarıram, yerdə tapmadıqlarımı bilirəm ki, işıqda tapacam. İşıq şəlaləsində çimdizmi heç? Notum cənubdan çalır, özü ilə qızmar səhraların isti nəfəsini gətirir. O nəfəs dibçəkdəki güllərimi yandırıb soldurub, bağlamışam pəncərələrimi.
Bütün küləklərimin öz kraliçası var. Dəli hava axınının boynuna sapand atmaq ixtiyarı yalnız onlarda. Mənsə.... mənsə seyrçiyəm. Mənə toxunmurlar. Ayağında cırıq çarıq, başında gün yandırmış köhnə örtük, beli bükük, əli çomaqlı qoca kimə lazımdır ki?…
Bir də harpiyalar var. Şiddətli külək ilahələri. Gözəgörünməz.....sevmirlər onlar məni....və incidirlər. Qısqanırlar.... Onların başım üzərindəki hər sivişini sezirəm. Məndən hər dəfə nəsə qoparıb aparırılar.
Hənuz....
Mənim simurq quşum artıq Qıf dağının zirvəsini tərk edib. Yolundan səkdirilmiş atlılarım, dəliqanlı igidlərim məni axtarır. Çöməlib yolda, daşın üstündə nəfəsini dərmək üçün oturan qoca yolçudan məni sorurlar. Osa qəlyanını sümürüb dərin bir qüllab vurur, mənim yerimi onlara nişan verir. Son-rasa gözləri yaşarır, pəsdən “Yanıq Kərəmi” oxuyur. Zira cavab verməliyəm. Səhvlərim islah olunmalı. Gəlirlər. İntiqam ilahələri. Bir sürü atlı cismində. Toz dumanı ərşə qalxıb. Buludlar qaçıb gizlənib. Amma.......günah məndə deyil əslində. İt gəlib, örkən aparmış…
Kilsələrdə oxunan osannaları alir qulağım. İlgimi çəkir çin olmuş insan arzularının pərvazlanan təntənəsi, onları müşayiət edən alqış sədaları. Amma bunların mənlə bir ilişikliyi yox ki......Mənim arzularım camaxatanı tərk etməmiş, boğazı büzmə düyünçələrdə qalmış. Mənə o taxçaları yandırmaq təklif olunur, artıq.
Xilqətin pürmüddəalığı sıxır məni, həm də çox. Köhnə, yıpranmış, prozaik qafiyələrə təzə düzüm lazım. Sazaqlı qış günü yol boyu irəliləyən, küçənin kir-kəsafətinə bulaşmış qoca yolçu. Əbasının ətəklərini yığışdırır. İki tərəfdən, sağından, solundan, pəncərə pərdələrinin arxasından maraqla ona zillənən baxışları hiss edir.Nifrətlə nəzərlərini bu hər şeylə maraqlanan həyasızlara çevirir. Pəncərələr qapadılır. Tale, dolaşacağımız cığırların hər döngəsinə cələlər, duzaqlar düzmüş. Bax, ilişməyəsən.
Qorxu mütənasıbliyini hər küncündən asacağım odam. Təhtəlşüur səviyyəsinə qədər sürüşkən enişlər…
Bir bu səyyaha bax. Nə qədər miskin, məzlum görkəmi var. Bir heçliyə, sonsuzluğa getdiyini bilir, amma yenə də sapınmır yolundan. Gedir, hey gedir… Mağaralarda çürüyən insan sümüklərini nişan veriblər ona. Onlardan ilac düzəldəcəkmiş. O ilacla ölümə qalib gələcəkmiş. Ölümlə ölümü diz çökdürəcəkmiş, ölümsüzlük qazanacaqmış....... Budur, enir mağaraya. Nə burnuna dolan üfunət qoxusu, nə də yuxarıdan sallanmış və qoluna-qıçına, saçlarına dolaşan çürüntülü şındırabənzərlər – nəmiş və zülmətlər krallığının iyrənc florası onu saxlaya bilmır yolundan. Gedir, hey gedir.... Heç başı üstündən o yan – bu yana uçan və qanadlarını onun üzünə çırpan qaranlıq həvariyunları – yarasalar da, onlar da qorxutmur onu. Ayağının altında şaqqıltı ilə sınan insan sümükləri də...... O axtarır, arayır......, istədiyinə çatacaq, tapacaq və özüylə aparacaq, heç nə qorxutmur onu. Ah, bəxtəvər… Mənsə, mənsə ona həsədlə baxıram..
Hənuz...... Qadağalar bir sumbata kağızı, yara üzəri ilə sürüşən...... Mən dözürəm. Məcburam. Yox, borcluyam.
Başımın üstündən əsən küləklər. Məni heç vaxt o mağaraya yaxın düşməyə qoymamışlar.......orda ki, məqsəd gizlənib. Mən o mağaranı “laübalılıqla qolboyun” adlandırdım. Mənə yalnız mağaranın ağzındakı üvəz kolunu iyləməyə icazə verilib.
Hənuz....dənizlərim qovuşub da, dalğaları bir-birinə qarışmayıb ki…
Axan çaylarımın suyu tükənib də, şoran torpaqlarım qurumayıb ki…
Başı qarlı zirvələrim heç kəsə əyilməyib ki…
Mən küləkdən güc aliram.
Bir qədər umsuq olsam da, heç kəsi batin dünyama buraxmadım ki, ....şirin yuxularıma acılar qatıldı,gecələr yatmadım ki, .... nəğmələrimi kəsib, udumu sındırdılar, pəncərəmdən ağılar ucaltmadım ki, qara pərdələr asmadım ki, saçımı yolmadım ki…
Mən küləkdən güclüyəm.
Hənuz....
.... yuxusuz gecələr mutlu gündüzlərə yol açmamış, kəsik sözlər hıçqırtı səsində boğulmamış, sevins nidasını qoymamış, vədlər verilməmiş, ....sonra bu vədlərə inanılmamış, aldanılmamış, əməl edilməmiş,....üzlər qızarmamış, yanaqlar allanmamış,....qaşlar çatılmamış, qəzəb-kin alovunu püskürməmiş, gözlər heyrətdən böyüməmiş, göz yaşı çaylara qoşulmamış, dərd sinələri yarmamış,....olmamış – olunmamış,
gəlməmiş – gətirilməmiş,
deməmiş – deyilməmiş,
etməmiş – edilməmiş,
vurmamış, uçurulmamış, sındırılmamış, dağıdılmamış, öldürülməmiş, basdırılmamış, qeyb olmamış....
Son, nəhayət.... – təlaş və məchulluq.
Rüzgarsa əsir.... O, hər şeyin FÖVQÜNDƏ.
Aşırı həyat və gözəllik aludəçisi. Yorulub, usanıb, yol kənarındakı daşın üstündə oturub yenə....Yenə müştüyünü sümürüb, saqqalını sığallayıb, çuğulluq etmək fikrindədi. Mənim yerimi nişan verəcək indi kiməsə.
Mənsə qorxmuram.
Mən küləyin qızıyam. Küləkdir atam. Anam – torpaq. Onlar heç vaxt məndən imtina etməyəcək, üz döndərməyəcək, arxa çevirməyəcəklər. Mənsə…
TƏNHALIĞIMIN MƏZARLIQLARI
(( K O L L A J ))
Məzarlıqdayam.... Qara uzun bir libasda, qara tüllə başımı örtüb dolaşıram məzarların arasında. Əslində məzar deməzdim, sadəcə, “evciklər”dir bunlar. Əvvəllər şaquli durmuşdular, indi müstəvilərini dəyişiblər.
Göydən gələn təkəm-seyrək şüaları tutmaqdayam.
Tutub, onların yer üzündə tətbiqini axtarıram. Yenə daxilimdə nəsə məni narahat edir.
Niyə alovlanır qəlbimdəki köz? Tonqallar söndürülmüş artıq, insanlar dağılışmış, baxıb çəpik çalanlar yox. Söndürün məşəlləri. Qəlbimin közləri onlardan od alır.
..............gözlərimə qara tutub ağlaram.
..............BAXMA ğözlərimə!
Elə yorğunam…
Yorğunluğuma sarılıb, tənhalığımla qol-boyun olub gedirəm, hey gedirəm… Tənhalığım mənə həyan, həmdərd…
Bir gün də beləcə – başımı aşağı salıb, meşə cığırı ilə sakitcə gedirdim. Heç kəslə işim yox idi. Gedirdim ki, “gələcək günlərin əlindən sevinc qapam”. Çox gözəl idi hər şey. Çayın zümzüməsi, quşların hərəsinin öz “kəlmeyi-şəhadəti”, nəmişlik qoxusu, bir də uzanıb gedən cığır…
Birdən qurumuş və çürümüş yarpaqların arasından bir səs dəydi qulağıma. Əyilib onu götürdüm, özümünkü bilib, yaxamdan içəri ötürdüm.....və həyatımın ən qaba, müdhiş səhvinə yol verdim…
Mənimki deyilmiş səs.....
Onu içərimdə saxladım, əzizlədim. Osa başladı məni günbəgün əritməyə, ürəyimin şirəsini içməyə, güllərimin nektarını çəkməyə...., qurutdu məni büsbütün. Gözlərimin işığını aldı, dərimin rəngini soldurdu.. Yaxşımı aldı, əvəzinə pisi qoydu. Almalarımı yedi, çəyirdəklərini mənə qaytardı.
Mənimki deyilmiş bu səs....
Amma nə qədər doğma idi, əziz idi mənə....
Bəlkə sirenanın səsiymiş? O dəhşətli varlığın? Yolunu azıb, gəlib meşəyə çıxıb, burda gizlənib, öz qurbanlarını gözləyirmiş?
Nə isə, olan oldu......
İndi bir tərəfim o biri tərəfimi tanımır mənim.
Sağım solumu bəyənmir.
Əlimlə verdiyimi ayaqlarım gedib almaq istəmir. Cıxarıb harasa tullayacam ayaqlarımı və bir daha geyməyəcəyəm.
Dünən söylədiklərimə bu gün başım cavabdeh deyil. Başım başını yelləyib, “o, keçmişdə qaldı, üstündən sular axdı” deyir. Bu baş deyilən şey ümumiyyətlə, məni çox narahat edir, suverenitet tələb edir məndən.
Beynim ürəyimə, ürəyimsə dilimə qahmar çıxmır. Hamısı bir quru və cansız substansiyaya – səsimə aludədir. O səsimə ki, mənim deyil o.
Kölgəm də gen gəzir məndən. Məni görəndə qaçıb hasarın dibində gizlənir. Gözləyir, mən gedəndən sonra çıxır, başlayır avara-avara küçələri dolaşmağa. Tək gecələr yox, gündüzlər də. Mənə üzüdönük çıxıb. Ayla Günlə dostlaşıb, onlar da öz altlarında yer veriblər ona. Utanmır heç, hər yoldan keçənin tapdağı altında qalıb.
Küçələri tüfeyli tək veyllənən tənha kölgə görsəz, bilin ki, mənimkidir. Mənə zəng eləyib, dəng etməyin. Alıb üstümə gətirməyin. Qəbul etməyəcəyəm onu!
/////////
Sən mənim pıçıltılarımı eşitmirsən. “gəl asi olaq” – deyirəm mən – “qaydalara, hökmlərə, amirlərə, yerə, göyə, hər cür qadağaya!
...........köpüklü pafoslardan qaçalım. Qanunları pozalım. Öz qanunlarımızı yazalım, … dünyaya badalaq gələ biləcək qanunları.. . elə qanunları ki, onların heç bir istisnaya-filana ehtiyacı olmasın.
...........gəl imkanlar seli yaradaq. Düzənə xaos qataq. Çürüdücü monoton diskurslardan qaçaq. Qulağıma girməyəni nə beynim qəbul edəndi, nə əlim əməl edən. Simulyativ obrazlara əlvida.
...........mənəvi pauperizmə qəbir qazaq, dərin qazaq. Vi-vat, bonvivan! Vivat!
...........gəl vahid yekun totallıqla çıxış edək. Unisonda səslənək, əzəli tamlıq yaradaq. Biz riyakar, PR-ı göz qamaşdıran üstü bəzək, altı təzək, qara dəyərlər məktəbinin və sətiraltı mənalar teatrosunun bivec epiqonu deyilik. Biz günbatandan gündoğana qədər saatlarımızı Edem bağının nağıl görüntülərinə çevirməyə qadir şahəstələrik. Heç kəsə demə amma.
///////////
Gedək, tarixlərə bir baş çəkək. Mağara insanından ta üzü bəri vərəq-vərəq çevirək tarixləri. Qolotsendən Təbaşir, Yura, ta Devon dövrünə qədər enək-qalxaq, lap əvvəllərə qayıdaq – Homo erectusa. Mesopotamiya, Qədim Misir, Hindistan, Roma imperiyası, İspaniyadan İrana Ərəb Xəlifəliyi, Sintsyandan Koreyaya Tan sülaləsi, tarixə köçmüş iri sivilizasiyalar – Mayya, Moçe, Naska.... Zərdüştlük, daoizm, Makedoniyalı İskəndərin zəfər yürüşləri, möhtəşəm coğrafi kəşflər, Kolum-bun başgicəlləndirən uğurları, Napoleonun döyüşləri, müharıbələr, diktaturalar və s. və s. Məliklərə, sultanlara bir salam verək, Arximed palimpsestlərinin sirriylə maraqlanaq, elm mastodontlarının kitabları üstündəki əsrlər tozunu üfləyək, Fransa saray qovğalarının, mənfur intriqaların şahidi olaq. Markizalara, freylinalara qarışaq, dəbə dəb qataq. Muzeylərə gedək, Vellinqtona, Eşmolinə, Luvra. Kətan üzərində donmuş ani gözəlliyi həbsdən qurtaraq, baxışlarımızın müşayiətilə. Buden, Giyomen, Deqa, Kassat.....Mənə dəyməzsən, qoy Tuluz Lotrekdən doyunca həzz alım – Mulen Rujdan, məhz bu seriyadan. Barbizon məktəbi – Delakrua, məktəbin yetir-mələrinə ilham verən Fontenblo meşələrinin realistik mənzərə təsvirləri, xüsusi tonallıqla retuşlanmış, valyorla zəngin fantastik inikas.... Qoyyanın qravyuraları ilə nəfəs alaq, “Kapriços”un təsir qüvvəsini şəxsən hiss edək, “dünya – maskarad-dı” tezisinə başımızla “hə” deyək. Sonra axaq. Gedək dünyavi məşhur musiqi salonlarına. Qoy zalların divarlarından aşıb dünyanı lərzəyə gətirən musiqi niqromantiyası bizim də ürəyimizi dilim-dilim oynatsın, biz də o mənalar daşıyan teurqiyanın sehrinə düşək, notlara hopaq. Gedək, gedək musiqi salonlarına, Verdinin “Traviata”sina, “Riqoletto”ya qulaq asaq ya Bizenin “Karmen”i ilə dolaq, daşaq…
Mən hərarət istəyirəm, istilik istəyirəm. Tut əlimdən, uçaq quşqonmaz qayalara, lap hündürünə. Yüksəklik gəzirəm mən. Hər şeyə quşsəkməz ucalıqdan baxalım! Ver əlini, ver, o yüksəklikdən tam aşağılara enəcəyik indi, lap aşağı. Sən heç bədəninlə hava kütləsini yarmısanmı? Təsvirəgəlməz bir şey. Gedək torpağı öpək. Çünki zərrə, vahid, başlanğıc, ilkin, timsal və təfsilatdı o.
////////////
Beynini soyun. Çarpazlarımda mütəşəkkilliyim pozulub. Sənin nizamına ehtiyacım var. Sərrast məntiqinlə mənə kömək edə bilməyəcəksən. Mənə düşüncəsizliyin lazımdır. Beynin sənə düşmən. Beynin mənə düşmən. Soyun onu. Qayalardan birlikdə atılaq. Quşlarla öcətləşək.
Ürəyim dolu, söz yox.
Söz var, səs yox.
Səs var, sən yox.
Sən olsan, ürəyim boşalar.
İstəmirəm ürəyim boşalsın. Onda söz olacaq. Söz olsa, səs olacaq. Səs olsa, o səs səni axtaracaq. Sənsə yoxsan.
//////////
Vaxt gələcək, mən həyatda olmayacağam. Məndən sonra nə qalacaq? Böyük, çox böyük (!), uçurum boyda bir HEÇ NƏ!!
Bir gözü gülənlər, biri ağlayanlar, danışarkən susanlar, qulaq asın, mən də sizlərdənəm!
Bir gözü gülən, biri ağlayan, danışan-susan, susması ilə anlaşılmasını istəyən, sükutu mininin min dilinə dəyən, irəliləyən, yıxılan-duran, gah nəvazişli-mehriban, gah eqoist-sarkastik, gah intiqam alan, gah bağışlayan,… sevilən-sevən, romantik – sərt/quru, heç kəsə və heç nəyə inanmayan, taleyi alnina döyülmüş MƏN…
sabahların qan rəngli rəmzini doğan günəşdə axtaran....,axtaran da tapmayan......
gecə düşüncə rişxəndlə “daha bir yarpaq qopdu” deyən mən!
///////////
Başa düşənlər başa düşməyənlərə başa düşdüklərini başa salsınlar, mən mürəxxəs olum.
KONQLOMERAT
(qırıq fikirlər)
Qaranlığın başı üstündən baxmağa cəhd edənlərə ithaf.
Vaxt lazımdır. Vaxt lazımdır inkişaf edib yetkinliyin mövqeyi əldən verməyəcəyin səviyyəsinə çatmaq üçün. Bu elə bir zirvə olacaq ki, “hə” demışkən daxili azadlığını, unikallığını qaçırmaq qorxusu, kiminsə qulbeçəsinə çevrilmək xofu almayacaq başın üstünü.
“Yox” deməklə əldə etdiyin azadlıqsa uşaq azadlığıdır. 7-dən 14-ə yaş hüdudunda ayaqlarını yerə döyüb inad göstərə bilərsən. Bu mərhələdə pərçimlənib qalsan, bütün həyatın nəhəng bir inkara çevriləcək., və daha böyüməyəcəksən. Bir daha heç vaxt. Hər şey inkar qanunlarına tabe olacaq.
Oşo
Acı sözlərçün şirin qəlib axtarıram.
* * *
Cavanlıq ömürdən də naxələfdir. Ömür heç olmasa, ömrünün sonuna kimi sənlədir. Cavanlıqsa səni yarı yolda qoyub qaçır.
* * *
Mənim öz əlifbam var. Kağızın bir üzündən yazılır, o biri üzdən oxunur.
* * *
Həyat riyazi təmayüllüdür. Soyuq hesabı bilməyən uduzur onu. Sən uduzma.
* * *
Tikanlı sözlər nəfəsimi dalayır. Ona görə kəsik-kəsik nəfəs alıram.
* * *
Artıq başlamışdım özümü özümlə bölüşdürməyə…fikirləşirdim, Özümə nəyi saxlayım, Mənə nəyi verim… göz yaşlarım fəğan qopartdı ki, bizi Özünə saxla..
* * *
Gecə ilə üzbəsurət oturub şirin-şirin dərdləşirdik özümüzçün. Amma aramızda nəsə vardı, o nəsə mane olurdu məhrəm söhbətimizə. Mən o nəsənin “kimliyi” barədə azacıq düşünüb tanıdım onu: sənin yoxluğun idi o. Bilmədim o yoxluğu ğötürüb qolum tutunca hara tullayım ki, barı adından xəcalət çəkib var olmasın və girməsin gecə ilə aramıza.
* * *
Öz içini yemək üçün qurd xislətli olasan gərək ya aclığın sənə güc gəlməsi kifayət edər?
* * *
Üzdəniraq saydıqlarınızın bir günahı yox əslində. Bu adı nəyə qoysan, belə murdar olacaq.
* * *
Dünya gözəldir, qardaşım! Yaşadıqca yaşamaq istəyirsən..
* * *
Ya səhər açılıb günəşi doğurur, ya günəş doğub səhəri çağırır. Bilmirəm. Nə yaxşı ki, səhərlər qaranlıq, gecələr işıqlı deyil. Qaranlığa yaraşmazdı “səhər” kəlməsi.
* * *
Göylər qarğısın səni
bulud ağlasın
gün qurutsun
damla…,
gözlərimdən çəkiləsən.
* * *
Payızısa basdırdım
öz xəzəlində…
Lüt-üryan idi zira
utandım qızıl-qırmızı həyasızlığından.
* * *
Sağ əlimi atıram boğazıma
məni boğan barmaqlardan azad olmaq üçün
sol əlimi tapıram orda.
* * *
Həyat balıqqulağı labirinti kimidir. İçindəki sədəfə şirnikib gedirsən. Labirintdən çıxış – sonsuz okean, məchulluq, sənsə üzməyi bacarmırsan. Sədəf filan da verməyəcəklər. Əksinə, əyin-başını da soyundurub, ağ baramaya hörəcək… lər, əbədi səyahətə – okeana göndərəcək…lər, sən də ki… sən də üzməyi bacarmırsan..
* * *
Geridə qalmış fikirlərini xizəyə qoyub eniş boyu sürüşdürdü. Fikirlər qabağa getdi, özü çata bilmədi onlara..
* * *
Pəncərələr eşiyə açılmalıdır – sabahlara. Özü də itələnərək, zərblə, qəfildən. O qədər zərb-qəfildən ki, sabahlar məramımızdan xəbər tutub qaçmağa macal tapmasınlar.
* * *
Onun heç nəyi yox idi, bir tək iddiasından başqa. İddiası isə bir başından yox, dünyalardan da yekə idi.
* * *
Vicdanım bu saat müttəhimlər kürsüsündə. Ünvanına yağdırılan ittihamlardan xəbərsiz kimi yayxanıb oturub orda. O utanmır, mən utanıram, hər ikimizin yerinə və düşünürəm: nəylə utanıram, o ordasa?..
* * *
Aşındırıcı xəbərlər aldım bu axşam. İndi aşınıb-üşüyürəm.
* * *
Taleyin çövkən oyununu heç bəyənmədim, atüstüdür, dərin deyil..
* * *
Qapını açıb qonaqları içəri alıram: Ağrı, Əzab və bu qisim digərləri. Salamlaşıram:
– Buyurun, cənablar, keçin, özünüzü evinizdəki kimi hiss etməyin.
* * *
Dünya o zaman gözəlləşir ki, onun gəzəlləşəcəyinə inanasan. İlk növbədə özümçün yazdım bunu. Gündə əlli dəfə açıb oxumaq üçün.
* * *
Alın tərinə qənaət etmək lazımdır. Yoxsa daha istehsal olunmaz, qalarsız işsiz.
* * *
Mənim sözlərimin öz dünyası var. Öz alaçıq dünyası. Sərbəst, asudə, qaraçı həyatı yaşayır mənim sözlərim. Bir kəsin boyunduruğunda deyil mənim sözlərim. Üsyandı, inqilabdı kəlmələrim. “HƏ”lərə “YOX!”, “YOX”lara “HƏ!”dir.
* * *
Nə vaxtsa oxumuşdum ki, Misir piramidaları dirilmə generatorlarıdır.Onları bəzi alimlər Yer üzündə neqativ enerjini transformasiya edən çox mükəmməl qurğular kimi tanıyır. Əsrlər qərinələrə baş əyir, bu ulu qurulular isə Zamanın üstündən xətt çəkib, bəşər övladına hələ də sirrli dünyasının açarını vermir ki, vermir – cəhalət əsarətində saxlayır onu.
Daş asketlərin cazibəsi bəlkə elə bundadı?…
* * *
Fikirlər dünyasının müdavimləri var, kimlərin ki qibləsi metafizik Həqiqətin özü. Onların irsi irfani övraqlarda.., hansını ki Zaman özü məhəkə çəkir…, çəkib…, çəkir..
* * *
Ağrılarım da olub, o ağrılara güllə açanlar da.
* * *
Məni qapı dalında qoyan gələcəyim.
* * *
Bir dəfə xəzrimlə gələn ağ günümsən,
bir dəfə gilavar aparacaq qara həsrətim.
* * *
Səhvlərimi qaytarın mənə,
o səhvlərimi təkrarlamaq istərəm.
orda sən vardın..
* * *
Yuxu – nağıldı. Nağıl – yalandı. Yalan – həyatdı.
Yalanla yoluxmaq istəmirsizsə, uzaqlaşın həyatdan.
SİNEMA
TƏHLÜKƏLİ RƏQƏM
Ev, pəncərə, masa, çarpayı, qəzetlər, sınıq kətil, kirli pərdələr, köhnə televizor, tavandan asılmış tək bircə lampa, ora-bura atılmış pal-paltar…
Təklik, tənhalıq, darısqallıq və eyni zamanda da gen-bolluq: “Bu tək canımla 2 otağı neynirəm mən?”
Böyük şəhər, iri şəhər, qaynaşan adamlar – təklik, tənhalıq… Meqapolislərdə tənhalar daha çoxdur.
Şəhərin qayğıları, gündəlik problemləri, inkişaf, münasibətlər, gərəklik – qalası bildiyi ev, bu qalanın divarlarından boylanan soyuq etinasızlıq və O.
Küçədən gələn avtomobil səsləri, qonşular, uşaqlar, hay-küy, canlanma – özü ilə domino, özü ilə nərd, özü ilə dialoq, özü ilə nahar, sifətini görməkdən bezmiş sınıq güzgü....
Bu gün yuxudan bir az tez durdu. Amma elə vacib görüləsi işi də yox idi. Televizoru qoşub, önünə keçdi. Köhnə kresloda yerini rahlayıb, ayağını ayağının üstünə aşırtdı, pultu əlinə aldı. Bir müddət boş-səmərəsiz yerə kanalları çevirəndən sonra birində dayandı. Tarixi mövzuda sənədli film idi. Ekranda imperatorlar, krallar bir-birini əvəz etdikcə, onların hökmran olduğu tarixi dövrlər haqda müfəssəl, insiqniya göstəriciləri (taxt-tac, skipetr) haqda isə səthi məlumat verilirdi. Taxtların möhtəşəmliyi, tacların qiymətli daşları göz qamaşdırırdı. O, bütün bunlara baxandan sonra qeyri-ixtiyari gözlərini öz se-nil (qocafəndi) ekzistensiyasına çevirdi. Kontrast şokedici idi. İlahi! Niyə axı o, bu günə düşmüşdü? Tam bir lümpen həyatı yaşayırdı indi. Əlbəttə, özünü krallarla müqayisə etmək axmaqlıq idi. Amma indiki durumunda ona yüksək zümrənin həyatını nümayış etdirmək heç yerinə düşən bir şey sayıla bilməzdi. Sanki hansısa bir gözəgörünməz həyatının səmərəsizliyini dönə-dönə başına çırpmaq üçün hərdən bir şey tullayırdı yoluna…, bir az da belini qırırdı.
Axı o pis adam deyildi. O nə səfil idi, nə tüfeyli. Tam kasıblaşmış ziyalı idi. Nə vaxtsa orta məktəbdə fizikadan dərs deyirdi. Uşaqlar onun tədris etdiyi fənni zəif qavrasalar da, onu çox sevirdilər, dərslərində sakit otururdular. Çox təmiz və üzüyola adam idi. Bəlkə elə buna görə arvadı səhərdən axşama qədər onu yonmaqla məşğul idi. Qadın heç cür səsini kəsmək bilmirdi və yazıq fizika müəllimində özünəhörməti tamam-kamal öldürmüşdü. Və o təkcə qadının yox, elə öz gözündə də bivecin, fərsizin birinə çevrilmişdi. Nə isə… Nəhayət, arvadı həyatını büsbütün dəyişməyi qərar verib, uşaqları da onun üstünə atıb, qaçmışdı ondan. İndi gecə klubunda ofisiant işləyirdi və bu bizim qəhrəmana məlum idi. Ailə tərəfdən bəxti gətirməmişdi binəvanın. İki uşağını tək böyütmüşdü. Səhərlər dərs deyir, axşamlar zavodda qarovulçuluq edirdi. Gecə yuxusuzluğu, kasıbçılıq, daimi stress sağlamlığında dərin iz buraxmışdı. İndi onda hər cür xəstəlik tapmaq olardı: şəkərli diabet, artrit, yüksək qan təzyiqi, böyrək çatışmazlığı və s.və il. Dərmanlarsa çox bahaydı…
Uşaqları da naxələf çıxmışdı. O, övladları üçün həm ata, həm ana olmuş, onlar isə qədrini bilməmişdilər onun. Qızı 18 yaşında məktəbi bitirdikdən sonra kiməsə qoşulub çıxıb getmişdi. Atası onu oxumuş, savadlı görmək istəyirdi. Qızınsa oxumaqla arası yox idi. Oğluna gəlincə, o da atasını çoxdan tərk etmişdi. Başqa ölkədə özünə şığınacaq tapmışdı, işləyirdi orda. Əli bəzən gətirirdi, bəzən yox. Gətirməyəndə atasına yazırdı. Atası da ona öz yetimpayı təqaüdündən kəsib göndərirdi. Göndərirdi ki, yad şəhərdə evin kirayə haqqını heç olmaya ödəyə bilsin. Belə vaxtlarda ata özü ac və dərmansız qalırdı. Amma heç kəsin bundan xəbəri yox idi,.... onun aclığından, şəkərinin və təzyiqinin qalxmasından və… tənhalığından. Əslində onu aclıqdan daha çox tənhalıq üzürdü. O, kimsəsiz və bədbəxt idi. Oğlu yalnız özünə lazım olanda zəng vururdu atasına. Onu soyub talayır və bir neçə aylıq itirdi.
Yox, bu veriliş ovqatını lap təlx elədi…, kanalı dəyişdi, burda da bayağı mövzularda söhbətlər gedirdi – gender məsələlərindən danışırdılar. Bir mövzünü nə qədər çeynəmək olar? Başqa bir kanal tutdu. Tanınmış psixoloq çıxış edirdi. Qulaq asmağa başladı. Maraqlı şeylər öyrəndi. Sən demə, həyatından bezib intihar edən adam ən son məqamda, ölümünə lap azacıq qalmış, yəni artıq iş-işdən keçəndə, ölümün son dərəcə yaxın olduğunu anlayanda it kimi peşman olur. Və anlayır ki, həyatı heç də onun düşündüyü qədər ağır deyilmiş, müəyyən şeyləri hətta dəyişə də bilərmiş, və düşdüyü vəziyyət də çıxılmaz deyilmiş. Bir az qulaq asdı psixoloqun sözlərinə, acıdığını hiss etdi, televizoru söndürüb, mətbəxə keçdi. Çaydanı plitəyə qoydu. Soyuducunu açdı, içində bir-iki şey vardı. O bir-iki şeyi çıxartdı, yəni kolbasa ilə yumurtanı və günəbaxan yağını. İstədi kolbasa qızardıb, üstünə yumurta vura, sonra birdən nəsə saxladı onu..... Pəncərəyə yaxınlaşıb, dərin fikrə getdi. Baxdı, baxdı və ona elə gəldi ki, qarşı binanın yerində bir vaxtlar işlədiyi zavodun bacalarını görür. “Yox, ola bilməz” dedi özünə, o zavod başqa şəhərdə yerləşirdi axı, bizim qəhrəman ora qatarla gedib-gəlirdi. Nə isə, yemək fikrindən daşındı. Çıxartdığı ərzaqları qaytarıb yerinə qoydu. Niyə də bişirməliydi axı? Yemək üçün? Niyə də yeməliydi axı?… Tutalım yedi, sonra nə edəcəkdi? Yenə də “günü necə başa vurum, nə edim” kimi suallardan canı zinhara gələcəkdi, sonra yatacaqdı, duracaqdı, televizora baxıb, güllərini sulayacaqdı, gedib kolbasa alıb, yenə qızardıb yeyəcəkdi, sonra yenə “indi nə edim.....?”, bir gözü də daima qapıda, sanki kiminsə yadındaymış, kimsə qapısını açacaqmış, bir qulağı da səsdə, sanki kiməsə lazımmış…
Pəncərə önündə duranda nə fikirləşmişdisə, o fikirlər eks-fizika müəlliminin bütün planlarını büsbütün dəyişdi. Asılqana yaxınlaşıb, köhnə, nimdaş, ora-burasını güvə dağıtmış paltosunu əyninə aldı. Papağı yox idi ki, başına basa. Həyatı boyu papaq qoymazdı, yaz-qış. Nə küləkdə, nə qarda, çovğunda. Dəhlizdəki güzgüyə baxdı. Öz-özünü tanımadı. Bu üzü tüklü, gözlərinin altı qapqara, alnını qırışlar çapmış, dişsiz, eynəkli, keçəl adam o idimi?.... Həyata da, qocalığa da nifrət elədi. Əslində elə də qoca deyildi. Görünüşü və ürəyi qocalmışdı, bioloji yaşı o qədər deyildi. Elə bu vaxt qulağına qaynayıb daşan çaydanın səsi gəldi. Qayıtdı mətbəxə, qazı söndürdü, işığı keçirtdi, dəhlizə keçib ayaqqabılarını geyindi. Elə çıxmaq istəyirdi ki, birdən duruxub qaldı. Yenidən mətbəxə döndü. Soyuducunu elektrik şəbəkəsindən ayırdı. Gözucu pəncərədən eşiyə baxdı, hava çox tutqun gəldi ona. Dəhlizdən keçəndə çətirini götürüb, qoltuğuna vurdu, qapını çəkib, açarla bağladı.
Küçə…ürəkaçan bir şey olmasa da, hər halda hava təmiz idi. Aramsız yağışlardan sonra ozon iyi duyulurdu havada. Amma o, bu əlahiddəliyi sezmədi, əfsus. Bir az küçə ilə irəlilədi, tini burulub üzüaşağı getməliydi ki, birdən ayaq saxladı. Nəsə düşünüb, geri döndü, evə gəldi, mətbəxə keçib, soyuducunu yenidən şəbəkəyə qoşdu. Bu dəfə hiss olunurdu ki, hərəkətlərində bir narahatlıq və əsəbilik var. Sanki vacib işindən qoymuşdular onu. Mətbəxdən çıxıb, otağa daxil oldu, burdakı pərakəndəliyi çalışdı görməsin.
Tez-tələsik çıxmaq istəyəndə qolu köhnə servantın açıq yan gözünə qoyulmuş qədim bir dekupaj nümunəsinə toxundu – anasının yadigarına. Vaz yerə düşüb, çilik-çilik oldu. Onu bir az da bədbinlik basdı, gözləri yaşardı, anası gəldi xatirinə, qayıdıb bir də uşaq olmaq istədi, anasına sığınmaq istədi… Qoltuğundakı çəliyi dəhlizə atıb, evdən çıxdı. Gülməli idi çəlik götürməyi…
Küçə ilə yeyin addımlarla irəliləyirdi, hətta demək olar qaça-qaça. Sanki tələsirdi harasa. Birdən ilan vurmuş təki dayandı. Hara qaçırdı? Hara tələsirdi? Bəlkə bir gözləyəni var? Bir az dayanıb nəfəsini dərdi və elə həmən dəqiqədən başladı saymağa:
1, 2, 3, 4, 5…
Yavaş-yavaş sayırdı və hiss edirdi ki, təngnəfəsliyi keçir, nəbzi yavaşıyır, sakitləşir. 17-yə çatanda dayandı. Yenə gözləri doldu (ümumiyyətlə, son vaxtlar çox kövrək olmuşdu). Bu ayın 17-si onun həm toy, həm doğum günü idi. İki xoşbəxt hadisə eyni günə təsadüf etmışdi. Ayaq saxladı, ciblərini eşələdi, siqaret qutusunu tapdı, içində iki siqaret qalmışdı. Yandırıb, damağına qoydu, ürəyində həkimlərin “aterosklerozla sənə siqaret çəkmək olmaz” fitvasına güldü. Sonra yenə saya-saya yoluna davam etdi:
Bepul matn qismi tugad.