Kitobni o'qish: «Şəhid Ənvər Paşa»
Nevzat Kösoğlu
ŞƏHİD ƏNVƏR PAŞA
roman
Otuz iki ildir məsuliyyətimi paylaşan həyat yoldaşım Nurşənə…
ÖN SÖZ
Cümhuriyyət dövründə bir çox insan fərqli motiv və səbəblərlə Ənvər Paşa haqqında səhv və haqsız fikirlərə sahib olub. Bunların bir qismi cümhuriyyət əvvəli siyasi çəkişmələrin sonrakı zamanlara əks olunmasıdır. Demokratik həyatımız hələ savaş və qaralama üslubundan xilas ola bilmədiyi üçün bu təsirləri, hüznlə də olsa, görmək məcburiyyətindəyik.
Milli Mübarizə dövrünə xas bəzi çətinliklər və bunların gətirib çıxardığı mövqelər də səhv nəticələrə gətirib çıxarmışdır. Ənvər Paşanın Türkiyəyə girmə ehtimalı qarşısında, M.Kamal Paşa bəzi tədbirlər görmüşdür. Bu mövqelərin doğruluğu yaxud haqlılığı müzakirə edilə bilər. Ancaq maraqlı olan bu səhv qəbul etmələri davam etdirənlərin, Milli Mübarizə aparanların deyil, onların arxasınca danışanlar olmalarıdır. Ziyalılarımın bu fərqi görmələri lazımdır. Yaxın tariximiz, ən ciddi işlərdə belə aktual siyasətin dünyagörüşlərindən, yaxud anlayışlarından xilas ola bilmir; bu zəiflikdən xilas olmaqda çox gecikmiş vəziyyətdəyik.
Görülən böyük səhvlərdən biri, komanda azarkeşliyi etdiyimiz kimi tarixi qəhrəmanlarımıza azarkeşlik etməkdir! Birinə bağlanınca o birisini pisləyərək səhv mühakimə irəli sürmək, ağ-qara görmək, oyanıq bir ürək və açıq bir zehnin işi deyil. Zaman və şərtlərlə məhdud bəzi qiymətləndirmələrin, bütün zamanlar üçün etibarlı mühakiməyə çevrilməsi, istiqamətini itirmiş qeyri-kafi zehinlərin əsəri ola bilər. Bu mövqeni, az inkişaf etmişliyin ən sağlam göstəricisi olaraq şərh etmək yerinə düşər. Burada məlumat azlığının da önəmli rolu olduğunu söyləməliyik.
Bir nümunə göstərməli olsaq, Sultan II. Əbdülhəmid Xan heyranlığı, bəzi ziyalılarımızda, başqa heç bir tarixi şəxsiyyətə dəyər verməyən bir korluq yaratmaqdadır. Tələt Paşa Sultan Həmidi devirənlərdəndir! Başqa heç bir tərəfinə baxmağa ehtiyac yoxdur. Yaxşı, Tələt Paşa o adam deyilmi? Sual verilə bilər: Tələt Paşanın da, öz yerində böyük bir insan olması kimi, nə üçün narahat edir? Tələt Paşanın böyüklüyü Sultan Həmidi narahat etməmiş, “Təəssüf, bir-birimizi tanıya bilməmişik” – deyə təəssüf etmişdir. Bu vəziyyətdə Sultan Həmid tərəfdarlarına nə düşüb?1 Bu kitabı oxuyub, M.Kamal Paşanın Ənvər Paşa haqqındakı möhtəşəm sözlərindən xəbərdar olunca siz də “Bu Atatürkçülərə nə düşüb?” deməkdən özünüzü saxlaya bilməyəcəksiniz… Guya Milli Mübarizəni ucaltmaq üçün geridə qalanları kiçiltməyə çalışmaq artıq həm bezdirir, həm də problem yaratmağa başlamışdır. Bizim tariximiz tək adama söykənən bir tayfa hekayəsi deyil; adlı-adsız bir qəhrəmanlar ordusunun meydana gətirdiyi böyüklükdür.
Görünən odur ki, öz qəhrəmanlarımızı alçaltmağa, şəhidlərimizə hörmətsizliyə yol açan bir xaos yaşanmaqdadır. Mən bu işdə, Ənvər Paşa ətrafındakı mühakimələri və əsassız şərhləri ayırd etməyə çalışdım. Bəzən sərt yaxud qəti hökmlərlə qarşılaşa bilərsiniz; bunların bir qismini mənim üslubuma uyğun, bərkimiş steriotipləri sarsıtmaq üçün olduqlarını da bilməlisiniz. Ancaq bunu da deyim ki, bu hökmlər asanca və dərhal verilmiş qərarlar deyil. Məndə formalaşan qənaətlər çox möhkəmdir; dayaqlarını sizə kifayət qədər izah edə bilməsəm də.
* * *
Ənvər Paşa mövzusundakı ən əhatəli və qiymətli əsər Şövkət Sürəyya Aydəmirin yazdığıdır; ondan çox faydalanmışam. Mənim araşdırmamın Şövkət Sürəyya bəyin kitabına görə mövqeyinə qısaca toxunmaq istəyərəm: Aydəmir, Ənvər Paşa ətrafında son dövr Osmanlı tarixini yazmağa çalışdığını söyləyər. Kitabın sistematikası buna görə qurulmuşdur. Bu yanaşma şəklində, təbii olaraq Ənvər Paşa bəzən itir və Osmanlı siyasi və ictimai həyatına dair uzun hadisələr, məlumatlar və şərhlər işin içinə girər. Mənim etməyə çalışdığım isə birbaşa Ənvər Paşanın həyatı və şəxsiyyətini izah etmək olmuşdur. Əsasən məni bu işə istiqamətləndirən təməl səbəb onun hələ sağlığında dastanlaşan parlaq şəxsiyyəti və gələcək bütün zamanlar üçün Türk gəncliyinə fəxr ediləcək bir nümunə olmasıdır. Buna görə haqqında danışdığım çərçivənin xaricinə ancaq zəruri vəziyyətlərdə çıxılmış və məhdud məlumatlar verilmişdir.
Bunu edərkən, şübhəsiz, Şövkət Sürəyya bəydən daha şanslı idim. Çünki o, Ənvər Paşanın şəxsiyyəti haqqında son dərəcə əhəmiyyətli və zəngin vəsait meydana gətirən bir qisim məktublarından xəbərdar deyildi. Şükrü Hanioğlunun nümayiş etdiyi bu məktublar, Paşanın Trablüsqərb2 və Balkanlardakı mübarizələrini, öz qələmindən oxumaq imkanı yaradır. Eyni zamanda Türkistandakı mübarizə ilə əlaqədar olaraq Paşanın ümumi katibi olan Mirzə Pirnefesin xatirə və sənədləri, Əli Bademçinin idealist şəxsiyyəti sayəsində ilk dəfə bu kitabda istifadə edilməkdədir. Özbəkistanlı yazar Nabican Bakiyevin 1990-cı ildən sonra açılan gizli arxivlərdən faydalanan araşdırmasını da xüsusi olaraq xatırlamalıyıq.
* * *
Bu iş səbəbindən mütəşəkkir olduğum insanlar vardır. Əvvəl Əli Bademçini xatırlamalıyam; yuxarıda toxunduğum, Mirzə Pirnefesin xatirə və sənədlərinə söykənən araşdırmasını hələ ortalığa çıxmadan mənə göndərdi və faydalanmağımı təmin etdi. Prof. Dr. Kazım Yaşar Kopraman və Mustafa Ağlaç bəy əlyazma mətnləri oxuyaraq çox qiymətli köməklərini əsirgəmədilər. Türk Tarix Qrumunun rəhbəri Prof. Dr. Yusuf Halaçoğlu və Arxiv və Sənədlər Şöbəsinin müdiri hörmətli Aynur Gedil işlərimi asanlaşdırdılar. Rəssam İsmət Kəten, seçdiyim sənədləri kompüterə köçürməklə yardımçı oldular. Baş qərargah ATASE Nazirliyindən Polkovnik Əhməd Tetik Ənvər Paşayla əlaqədar xüsusi şəkillər göndərərək dəstək verdi. Ankarada Ərdal Özdemir də kolleksiyasındakı şəkilləri verməklə işə öz dəstəyini verdi. Azərbaycandan Kamil Vəli Nərimanoğlu Moskva muzeyində fotoşəklini çəkdiyi Ənvər Paşanın çəkmələrini CD olaraq göndərdi. Eyvaz Gökdemir və “Ötüken”dən Erol Kılınç, yazdıqlarımı oxuyaraq münasibət bildirdilər. İskəndər Türe qaynaqları hazırladı. Prof. Əli Birinci və Prof. Məmməd Şahingöz, mənbələrlə işləməyimə kömək etdilər.
Müxtəlif səbəblərdən bu barədə söhbət etdiyimiz dostlarımızın söhbətləri də mənim üçün kömək oldu. Hamısına təşəkkür edirəm.
Ümid edirəm, uca şəhidlərimizin rəhmətlə xatırlanmasına vəsilə olacaq, məqsədəuyğun bir araşdırma ərsəyə gəlmişdir.
30 Yanvar 2008-ci il, Ankara / Nevzat Kösoğlu
I HİSSƏ
ƏNVƏR BƏY
Bir nəsil və tarix
Ənvər Paşa Osmanlının son nəslinin simvolu idi. Onlar Türk tarixinin, bəlkə də, ən ağır və çətin bir iyirmi beş ilinin məsuliyyətini çiyinlərinə alıb həyatlarını, ovuclarındakı bir köz yığını kimi daşıyaraq yaşadılar. Müvəffəqiyyətli ola bilmədilər, hətta böyük Devlet-i Aliyye3 onların qolları üstündə can verdi. Amma cümhuriyyət də onların qollarının üstündə doğuldu. İdealist idilər; hər zaman, uğrunda can verəcəkləri bir iddiaları oldu; coşğun yaşadılar və lazım gələndə gözlərini qırpmadan ölməyi bildilər. Yüz minlərlə şəhid verən başqa hansı nəsil yaşayıb?
Tarix sadəcə hadisələrin bütünü deyil; tarixi/həyatı tamamilə və tək-tək insanlarıyla yalnız Allah bilir və qiymətləndirir. Biz keçmişə qırx istiqamətdən baxa və necə baxsaq, elə görə bilərik. Ancaq bu, tarixi axışın qanunları olmadığı demək deyil; tarix fəlsəfəsiylə məşğul olanlar boş yerə əziyyət çəkməyib.
Bunu deyək ki, tarixin əhəmiyyətli qovşaqlarını tək-tək insanların iradə və qərarlarına bağlayaraq şərhə çalışmaq çox təkrar edilmiş bir sadəlövhlük; israr edilsə, xoş niyyət sərhədləri aşılar. Vyana məğlub olacaqkən, geriyə dönüş, nə Qara Mustafa Paşanın ehtirası, nə Krım Xanının ayaq sürüməsi, hətta nə də Sobiyeski ordusu ilə açıqlana bilər. Fazıl Mustafa Paşaya Salankamendə güllə dəyməsəydi, dünyanın mənzərəsi dəyişərdi. Görünüşcə bu hadisələri, küləyin ogünkü əsmə sürəti və istiqaməti Sobiyeskinin bir gün sonra deyil, o gün yola çıxması, yaxud Qara Mustafa Paşanın, Vyana xaraba qalmasın deyə hücum əmrini gecikdirməsi təyin etmişdi. Halbuki tarixi əyrilərin bu qədər sadə, təbii yaxud bəşəri səbəblərə bağlanması bizi qane etmir və gerçəyə də uyğun deyil. Bütün bu səbəb görünüşləri, bu olub bitənlər bizi pərdələdikləri gerçək səbəblər üzərində düşünməyə yönəltmək üçündür. Əsl səbəblər o tarixi daşıyan cəmiyyətlərin hamısının məsuliyyəti ilə axtarılmalıdır.
Osmanlı bir anda yanğın kimi Söyüd4dən dünya dövlətinə çevrildisə, bunun səbəbi, onu quran millətin, o yükü çiyininə alanların ortaq varlığında axtarılmalıdır. Vyanadan geri döndüksə, səbəb yenə Osmanlı millətidir; çünki bu millət artıq, Vyanayla birlikdə bütün Avropanın yükünü birləşdirən imperatorluğun yükünü daşıyacaq mədəni gücünü itirməkdədir. Bu məsuliyyətdə hər Osmanlı fərdinin payı vardır. Görünüşdəki siyasi və hüquqi məsuliyyətlər, yenə o çərçivədə sanksiyalarla üzləşirlər, amma təməldəki məsuliyyəti dəyişdirməzlər.
Bu gerçəyi Osmanlı ziyalıları, xüsusilə, din alimləri, uzun əsrlər boyunca bilməyə davam etmiş; amma lazım olan addımı ata bilməmişdilər. Buna görə cəbhələrdən təxribat xəbərləri gəldiyində Ayasofya kürsüsündə Şeyx Himmetzade Abdullah Əfəndi, "Ümməti-Məhəmməd, dövlət sahibsiz qaldı; şəhər və qalalar düşmən əlinə düşüb, məscid və məscidlər kilsə oldu; əməllərinizi dəyişdirin, günahınıza tövbə edin…” deyə qışqırarkən heç kim cəbhədəki təxribata mənim günahımın nə dəxli var demirdi. Bu bütöv məsuliyyət içində, hər kəsin ayrıca siyasi, yaxud əsgəri məsuliyyətləri vardır; bu məsuliyyətlər içində edilənlər o bütöv məsuliyyətin gərəyini həyata keçirmək üçün onun yardımçısına çevrilər.
Bu girişi ona görə yazıram ki, imperatorluğumuzun yıxılmasını Ənvər Paşa və yoldaşlarının qərarlarına bağlamaq, ya düşüncə yükündən məhrum, yüngül tarixçilikdir, yaxud hansı motivlə olursa-olsun, siyasət işlətmək cılızlığıdır. Bu cür zəifliklərdən xilas olar, tarixin bütöv şərhində sağlam bir xətt tuta bilsək, vəsilələrin siyasi məsuliyyətlərini qiymətləndirməkdə də məqsədəuyğun mühakimə yürüdə bilərik.
Osmanlı İmperatorluğunu quran da, yaşadan da Türk milləti idi; heç olmasa, l856-cı il İslahat Fərmanına qədər bir milli dövlət idi; hakimiyyət Türkün, siyasi hüquqlar Müsəlmanların əlində idi. Türklər İmperatorluğun quruluş dövrlərində olduğu kimi yıxılmaq dövründə də böyük ölçüdə tək idilər və aydın olan odur ki, Türk millətinin bu imperatorluğu daşıyacaq mədəni gücü, iman istiliyi artıq qalmamışdı. Yüksəlişin olduğu kimi, çöküşün də qəhrəmanları vardır. Bunların həyatı daha maraqlı və faciəvidir. Çöküşün qəhrəmanları, ən böyük fədakarlıqlarla və sarsılmaz imanlarıyla, nə qədər yıxılmalar və ağrılar bahasına sonunda həyatlarını ortaya qoyaraq vəzifələrini yerinə yetirənlərdir. Və Ənvər Paşanın nəslində bu insanlar o qədər çoxdur ki, bu qəhrəmanların varlığıyla imperatorluğun çöküşünü birlikdə izləmək çaşdırıcıdır və insanı üsyankar olmağa məcbur edir. Hər cür həyat xoşbəxtliyini fəda edərək, nəhayət, həyatını ortaya qoyaraq edilən bu mübarizələrə, bu bənzərsiz insanlara baxmayaraq, Osmanlı İmperatorluğunun çökməsi haqsızlıq kimi görünür. Belə ki, Kanal Hərəkatında Osmanlı əsgərlərinin fədakarlıqlarını görən IV Ordunun Alman qərargah rəisi “Ya rəbbim, bu insanları əməllərinə layiq qiymətləndirməsən, ədalətindən şübhə edərəm", – deyə qeyd edir. Nə olur-olsun, onlar vəzifələrini qəhrəmancasına həyata keçiriblər, amma çöküşün mexanizmi başqadır.
Bu insanları qiymətləndirmək də asan deyil. Bunlar çöküşün qəhrəmanları idilər, ürəkləri dağ kimi idi; xəyalları da elə… Əsla kiçik düşünmürdülər. Uca Dövləti qurtarmaq üçün hər biri imparatorluğun bir uzaq səmtində can verərkən xəyalları yalnız Turanı qurmaq deyil, bütün İslam aləmini Qərbə qarşı ayağa qaldırmaq idi. Yəni ölkəsi və dövlətiylə özünü qurtara bilmək üçün atəşlərə atılarkən bütün Müsəlman dünyasını qurtarmağı arzulayır və bunun həyəcanı ilə döyüşürdülər. Böyük düşünmək, böyük xəyallar qurmaq, böyük ürəkli olmaq, böyük zamanların təzahürləridir; halbuki bunlar çökürdülər və çökərkən belə ürəklərində, bəyinlərində bu böyüklükləri unutmadılar.
Sonra hər şey bitib, Anadoluya çəkildiyimiz zaman gün keçdikcə onları anlamaq çətinləşdi. Döyüşlərin və sonrakı illərin yükünü çəkən insanların ürəkləri daraldı, baxış bucaqları daraldı, araya mənasız siyasi intriqalar girdi. Belə ki, Ərzurumu, Sarıqamışı Turan zənn etdilər və Ənvər Paşanı, əsgərlərimizi Turan yolunda qırğına verməkdə günahlandırdılar. Bu ölü insanlar, biz İraqda, Suriyada, Sarıqamış və Çanaqqalada döyüşərkən vətən torpaqlarını müdafiə etdiyimizi anlaya bilmədikləri kimi, ingilis ordularının minlərlə kilometr kənarlardan gəlib buralarda nə axtardıqlarını düşünməyi də ağıllarına gətirə bilmədilər. Bəli, iman işığı olmayınca, göz görməz. Sadəcə bu qədər idi? Xeyr. Ənvər Paşa haqqında Milli Mübarizə illərində və şərtləri içində nizamlanmış xüsusi bir təbliğat işi vardır ki, bunun təsirləri hələ də özünü göstərir.
Narahatlıqlar və təbliğat
Birinci Dünya Müharibəsinin məğlubiyyətlə nəticələnməsinin ardından, bütün baş verənlərin məsuliyyəti İttihad Tərəqqi Hökuməti və xüsusilə, onun liderlərinə yüklənərək, müttəfiqlər və xüsusilə, ingilislərin nəzərində mövqe qazanmağa çalışırdılar. Bunun üçün “İngilis Dostları Cəmiyyəti” belə qurulmuşdu. Dövrün digər siyasi partiyaları isə, İttihad Tərəqqi Hökuməti və idarəçiləri haqqında, heç bir ölçü və üslub tanımayan hücumlarla, guya siyasi gedişlər həyata keçirirdilər; onların xəyanətindən dinsizliyinə qədər ağıllarına nə gəlirsə, tərəddüdsüz söyləyirdilər. Milli Mübarizənin təşkilatlandırıcı gücünü və skeletini İttihadçılar meydana gətirdikləri halda, onlar da İttihadçılıqlarını, heç olmasa, dilə gətirməkdən çəkinir, gizlətməyə çalışırdılar. Yeni ruhla başlanan bu mübarizədə, İttihadçıların böyük əksəriyyəti üçün köhnə etiket və problemləri bir kənara qoymaq heç də çətin olmamışdı.
Xaricdə Sovetlərlə qurduğu əlaqələrlə Milli Mübarizəyə dəstək təmin etməyə çalışan Ənvər Paşadan, Sakarya Savaşından sonraya qədər Anadoluya gəlir deyə qorxulmuşdur. Bu döyüşün Türk Ordusunun zəfəri ilə nəticələnməsinə qədər, Sovetlər də Ənvər Paşanı əhəmiyyətli bir həmsöhbət olaraq qiymətləndirmiş və əlaqələrini bu şəkildə davam etdirmişdir. İnönü və Kütahya Savaşlarındakı müvəffəqiyyətsizliklər və Yunan ordusunun Sakaryaya gəlib çıxması əsgər və xalq arasında, hətta Böyük Millət Məclisində Ənvər Paşanın Anadoluya girəcəyi, Milli Mübarizənin başına keçəcəyi proqnoz və söz-söhbətlərini gücləndirmişdi. Ənvər Paşa, döyüşdə məğlub olmasına baxmayaraq, qorxmaz bir qəhrəman olaraq tanınmaqda və sevilməkdə idi.
Daha sonra görəcəyik ki, Ənvər Paşanın fikri Anadoluya dönmək deyil, Milli Mübarizəyə kənardan kömək etməkdir. Ancaq yunan ordusunun Ankaraya yaxınlaşması onun da düşüncələrini dəyişdirmişdir. Əgər Türk ordusu Sakaryada məğlub olsa, Milli Mübarizə baş tutmur və nə bahasına olursa-olsun müdaxilə etmək lazım gələ bilərdi. Paşa, Sakarya savaşının əvvəlində Batuma gəlir və döyüşün nəticəsini gözləyər. Məğlubiyyət halında Anadoluya girəcəyini də açıq şəkildə bəyan edir. Döyüş Türk əsgərinin zəfəri ilə nəticələnincə Ənvər Paşa da, Türküstana doğru çəkdiyi hədəfə doğru yola çıxar.
Ənvər Paşanın açıq və səmimi bəyanatlarına baxmayaraq, onun Anadolu ətrafında olmasından narahatlıq duyan Milli Mübarizə öndərləri, Paşanın Türkiyəyə girmə ehtimalına qarşı tədbirlər görür, əsgər və xalq içindəki yüksək etibarını qırmaq üçün bir sıra təbliğatlara girişirlər. Ənvər Paşanın kommunist olduğunu, Qızıl Ordu ilə Anadolunu işğal edəcəyi söz-söhbətləri bu dövrdə ortaya çıxır. Taleyin oyunu olaraq, bu təbliğatların ən fəal ideoloqu və müdafiəçisi də, “Ənvər mənim həyatımı xilas edib.” – deyən Kazım Qarabəkir Paşadır. Həqiqətən də, Balkan savaşı əsnasında, İttihadçılıq ideologiyası ilə əsgərlər arasında təxribatçılıq etdiyi üçün “Divan-i Hərbə” verilən Qara Kazım bəy, cəzalandırılaraq ordudan uzaqlaşdırılır. Müharibə naziri olan Ənvər Paşa, “Kazım yaxşı insandır; bu səhvini kompensasiya edər” deyərək “Divan-i Hərb”in qərarını cırıb atmış və bu gənc zabit yoldaşına yenidən şans yaratmışdır. Bu hadisəni orduda hamı bilir.
İndi isə başqa məsələ var; Kazım Qarabəkir Milli Mübarizənin ən güclü ordu qüvvələrinin başındadır. Ənvər Paşanın Anadoluya girmək ehtimalı ağla gələndə həyatını borclu olduğu bu insan qarşısında Milli Mübarizə öndərlərinin ona güvənməyəcəklərini düşünərək narahatlıq içindədir. Necə ki, General Sami Sabit Karamana "Sami bəy, Ənvər həddini aşdı; Ankara deyəsən məndən şübhələnir” deyərək bu narahatlığını dilə gətirir. (General Sami Sabit Karaman, İstiqlal Mübarizəsi və Ənvər Paşa, İst.,1202, s. 27) Bu duyğular içindəki Kazım Qarabəkir Paşa və onun, Trabzona bu iş üçün göndərdiyi Sami Sabit Karaman “kraldan çox kralçı” davranaraq Ənvər Paşa təhlükəsini və onu dəstəkləyən Trabzon Kuvayi Milliyə qabaqcılları barədə (Qayıqçılar Eşikağası Yəhya, F. Əhməd Barutçu kimi) mübaliğəli şəkildə davamlı olaraq Ankaraya hesabat göndəriblər.
Bu vaxt, Kazım Paşa Ankaraya yazıb, Ənvər haqqında açıq bir təbliğat savaşını başladılaraq xalqın və ordunun gözündən salınmasına çalışılmasını təklif etməkdədir. Kazım Paşa öz bölgəsində bu cür bir işə başlayır. 26 May 1921-ci ildə Fevzi Çakmağa göndərdiyi teleqrafda başlatdığı bu təbliğatın bəzi əsaslarını da bildirir:
“Xüsusilə, Acariya və Batumda Ənvərin proqramını izah etməklə bolşevik olduğunu, dindən çıxaraq qadınların kişilərlə birlikdə açıq gəzəcəklərini xalqa izah edərək dini duyğularına toxunulur… Bundan sonra mətbuat məsələsi çox mühümdür. Proqramının məmləkətə vuracağı fəlakət təhlil olunaraq Ənvərin şəxsinə hücum edilməlidir. Ənvər və yoldaşlarının sonuna qədər fəlakəti millətdən gizlədərək və xəzinələrimizi Anadoluya millət əlinə atmaq əvəzinə, düşmənə təslim və ələ keçirdikləri pulu götürərək qaçdıqlarını və məmləkəti başsız, təşkilatsız qoyduqlarını, bir zamanlar Almanlardan, indi də ruslardan küllü miqdarda pul alaraq xaraba vətənin başına “Əl-fatihə” lövhəsi yazmaqla məşğul olduqlarını, düşkünlükdən dörd tərəfi xoş bir həyata yüksələnlərin yenə o həyata qovuşmaq üçün hər bir vicdansızlığı edəcəyi bəşər üçün dəyişməz bir qayda olduğunu…" (Kazım Qarabəkir, İstiqlal Hərbimizdə Ənvər Paşa və İttihad Tərəqqi Ərkanı, İstanbul 1967, s. 138-139)
Mustafa Kamal Paşa Qara Kazıma 4 iyun tarixində göndərdiyi teleqrafda "Ənvər haqqında açıq təzyiqlərə qərar verdik" deyir. Kazım Paşa Ənvər Paşanın çöldə olduğu müddətcə təhlükəli olacağından bəhs edərək Ankara Hökuməti tərəfindən Anadoluya dəvət edilərək ələ keçirilməsini də təklif edir. (Qarabəkir, e. h. ə., s. 149) Təskinlik verən budur ki, bu sətirləri yazan Kazım Paşa, Ənvər Paşanın onu “Divan-i Hərb” qərarından qurtardığını da ifadə edərək “Bunun üçün hələ də sevərəm, hörmətim vardır” deyər. Lakin, Anadoluya girməsi fəlakət olacağından bunu mane törətmək vəzifəmdir, deyə davam edər. (Qarabəkir, e.h.ə. səh 201)
Elə görünür ki, Kazım Paşanın təklif etdiyi təbliğatlar çox müvəffəqiyyətli ola bilməmiş, ancaq bu dövrdən etibarən, xüsusilə, Sarıqamış hərəkatı ilə bağlı edilən təzyiqlərdə böyük şişirtmələr və dünyagörüşü sapmaları görülmüşdür və bu hərəkat üzərindən edilən təbliğatlar hələ də də təsirini davam etdirməkdədir. Belə ki, Çanaqqala zəfərinin dəyərini artırmaq üçün artırılan şəhid sayı – bu zəfərin də baş komandiri Ənvər Paşadır–Sarıqamışda Ənvər Paşanı qaralamaq üçün istifadə edilməkdədir.
“Doxsan min adamın Allahu əkbər dağlarında tək güllə atmadan donması" kimi boş sözlərinin, Ənvər Paşanı deyil, Sarıqamış savaşlarının böyük qəhrəmanlarını və əziz şəhidlərini alçaltdığı, ruhlarını təhqir etdiyi fərq edilə bilməmişdir. Müharibədə qələbə Kazanılanda ölənləri şəhid bilib ucaltmaq və məğlubiyyət olduğu zaman boş-boşuna öldüklərini söyləməkdən daha çirkin və düşməncə bir qiymətləndirmə ola bilərmi? Bəli, "Ənvər Paşa gələcək" qorxusuyla başladılan təbliğatın gəlib söykəndiyi utancverici nöqtə budur. Bəli, illər boyunca nə qədər yaxınları burada ölmüş olanlarımız belə Sarıqamış deyincə bu cür bir qiymətləndirməyi qəlib halında təkrarlayıb. Bu təbliğatların, tam bir məlumatsızlıq mühitində yarandığını və çox uzun müddət təsirli olduğunu söyləməliyik.5
Bu nöqtələrə işarə edən Camal Kutay, vaxtilə Ənvər Paşanın qərargah yavəri olmuş Kazım Orbaya, əldəki sənədləri təsnif edib arxivləşdirmək6 təklifini etdikdən sonra belə yazır:
"Həm sənədlər olmadığı üçün səhv hökmlər verilmişdir, həm də əslindən şübhə edilməyən açıq-aşkar sənədlərin izah etdiklərinin tam əksinə hökmlər verilmişdir. Necə ki 1947-ci ildə, Böyük Millət Məclisində, vaxtilə özü də Ənvər Paşaya “Azadlıq Qəhrəmanı” deyən bir millət vəkili vətən şəhidi üçün “macəraçı” dediyi zaman Kazım Orbay Baş qərargah rəisi idi və bildiklərini, çox yaxşı bildiklərini belə söyləməmiş, söyləyə bilməmişdi." (Camal Kutay, "Azad Türkistan Yolunda, Buxarada Ənvər Paşa", Tarix Söhbətləri, c. 3, Noyabr 1966, İstanbul, s. 141)
Sovetlər də, Paşa əleyhindəki təbliğatlarını, Onun şahid olmasına baxmayaraq davam etdiriblər. 1920-30-cu illər arasında "Ənvər Paşa – türk xalqının düşməni'' adlı Viladimir Kordinin rejissoru olduğu bir film çəkiblər.
Bu gün soyuqqanlılıqla baxanda görürük ki, Ənvər Paşa və o nəsildən gələcək nəsillərə qalan, onların idealistlikləri, sədaqətlərindəki dərinlik və bir də Cümhuriyyətimizdir.
Dalğalar çəkilir…
Təmiz əxlaqı və üstün qabiliyyətləri ilə Söyüddə yaranıb üç qitəni ağuşuna alan Türk enerjisi sönməyə, Vyana, Afrika və Qafqaz kənarları ilə Yəmənin sahillərini döyən nəhəng dalğaları çəkilməyə başlamışdır. Devlet-i Aliyye quruluşundakı xüsusi təşkilatlaşmalar, onu tarixin şahidi ən uca nöqtələrə daşımış; ancaq bir zamandan sonra özünü yeniləyə bilməmişdir. Buna durğunluq deyirik. Dünya dəyişməkdədir, insanlar və cəmiyyətlər dəyişməkdədir, amma Osmanlı təşkilatları bu yeniliklərin fonunda özlərini yenidən nizama sala bilmir. Bu təşkilatlar onun həyat qarşısındakı bütün problemlərini həll etmiş, ən yaxşı, ən gözəl və ən doğru olduğu inancını yerləşdirmişdir. Cəmiyyət bu imanla böyüyüb dünya dövləti olmuşdur, amma bu inanc eyni zamanda öz içinə qapanmasının da ən əhəmiyyətli səbəblərindən biri olmuşdur.
Mədəniyyətin təşkilatlanmasından sonrakı yenilənmələrində daha böyük bir enerji lazımdır. Çünki hazır ruhi və ictimai zəmin üzərində deyil, bir neçə yüz illik ənənələşmiş strukturlar pozularaq qurulacaq zəmin üzərində yenilənmə reallaşdırılacaq. Halbuki Osmanlı mədəniyyəti, eyni zamanda, ümumi mənada inanc zəifləməsinə söykənən bir mədəni soyuma yaşamaqdadır. Yəni mədəniyyətin yaradıcı gücü azalmaqdadır. Bir çox şeyi bilsə də, amma reallaşdıra bilmir. Cəmiyyətin gərginliyi sönməkdə, yaradıcı gücü azalmaqdadır. Cövdət Paşanın yüksəlişin təməli saydığı Türkün təmiz əxlaqı da, üstün qabiliyyətləri də korlaşmağa başlamışdır. Osmanlı görmə, şərh etmə və yaratma gücünü itirməkdədir.
O günə qədər heç bir zaman tək bir dövlətlə döyüşməmiş, heç bir dövləti həmsöhbət edib onunla müqavilə bağlamamış, həmişə birtərəfli əfv fərmanları vermiş olan Osmanlı Dövləti, on səkkizinci əsrə girəndə artıq digər böyük Avropa dövlətlərindən biri kimidir; onu məğlub etmək çox çətindir; amma qeyri-mümkün deyil. Hər şeydən əvvəl, Osmanlının da yenilə biləcəyi avropalılara aydın olmuşdur. Bu da taleyin bir oyunudur ki, Osmanlının məğlub olmağa başladığı, soyuma dövrünə girdiyi bu dövr, Rusiyanın yüksəlmə dövrüdür. Avropa da yeniləşmə və yüksəliş yolundadır.
Osmanlı, məğlubiyyətin təbii bir reaksiyası olaraq əvvəl əsgərini yenidən tənzimləmə səylərinə girişdi. Akınçı Ocağı çökmüşdü. On yeddinci əsr ərzində bu ocaqdan yaranan boşluğu Krım ordusu doldurdu. Torpaq nizamına bağlı olaraq qurulan Tımarlı Sipahi nizamı da tamamilə pozulmuşdu. Katib Çələbi və Qoçu bəy kimi böyük Osmanlı ziyalıları köhnə qanunlara qayıdıb bu ocağı yenidən dirçəltməyi məsləhət görsələr də, bu mümkün olmadı. Onlar bu ocaqları quran və yüksəldən qanun və ideallara sadiq qalınmasını istəyirdilər. Bu qanun və ideallara zidliklər bu ocağı pozmuşdu; indi düzəltmək üçün bu pozulmaları ortadan qaldırmaq və qurucu qanunlara sadiq qalınaraq yenidən təşkil etmək lazım olduğunu irəli sürürdülər. Mədəniyyətinə olan inancını itirməmiş olan bir aydının ilk təklif edəcəyi həll də budur. Ancaq, köhnə qanunlara zidd davranışları görüb ayırd etmək, bunlara səbəb olan şərtləri qiymətləndirmək və yeni şərtlər qarşısında eyni qanunlara bağlı yeni təşkilatlaşmalar təmin etmək, quruluşdakından daha böyük bir yaradıcı güc istəyirdi. Osmanlı isə yaradıcılığını itirirdi.
Osmanlı ilk və ən yaxın hədəf olaraq mərkəz ordusunu yenidən tənzimləməni seçdi. Bu ordu ki Yeniçəri Ocağından formalaşmışdı və xarici tarixçinin "cəhənnəm ideyası" dediyi möhtəşəm bir Osmanlı Təşkilati idi. Edilən yeniləşmə cəhdləri nəticə vermədi və bir gün, bu adlı-sanlı ocaq, top güllələri altında öz xalqıyla boğuşaraq özünü yox etdi. 1826-cı il idi.
Sultan II Mahmud Xan təhsil islahatlarına meyillənir. İstanbul üçün ibtidai təhsili məcburi edir, " “Mekteb-i Maarif-i Adlî” " məktəbləri açır. Tibb məktəbi və Hərbi məktəblər açılır. “Tıbhane” və “Cerrahhane” məktəblərinin açılışında Sultan Mahmud da iştirak edir:
“Gerek asâkir-i şâhâne ve gerek memâlik-i mahrûsemiz içün hâzik tabipler yetiştirüp, hidemât-ı lâzimede istihdâm ve diğer taraftan dahi fenn-i tibbi kâmilen lisanımıza alup, kütüb-i lazimesini Türkçe tedvine say’u ikdam etmeliyiz…”
Sultan Mahmudun fərmanıyla, əsgəri terminlərin türkcələşdirilməsinə tamamilə, tibb terminlərinin türkcələşdirməsinə qismən nail olurlar.
1826-cı ildə sonra Osmanlı sanki ordusuzdur. 1829-cu ildə Moraəldən çıxmış, xərac verən bir Yunan krallığını Osmanlı qəbul etmişdir. Sonrakı il Fransızlar Əlcəzairə hücum etmişdilər. Garp ocaqları deyilən Əlcəzair, Tunis və Tripoli, Dayı deyilən hərbi komandirlər tərəfindən idarə olunardı. Fransa, Əlcəzairə olan borclarını ödəməmiş və nəhayət, oranı işğal edərək məsələni həll etmişdir. Osmanlı bir şey edə bilmir. Gələcəkdə İtalyanlar da bənzəri bir həvəslə Tripoliyə hücum edəcək və qarşılarında Ənvər bəy başda olmaqla gənc Osmanlı zabitlərinin təşkilatlandırdığı böyük bir müqavimət gücü ilə qarşılaşacaqdı. Yenə 1830-cu ildə, 1826-cı il Rus müharibəsinin nəticələrindən biri ola-raq Serbiyanın muxtariyyəti qəbul edilmişdir.
Yunan krallığının qurulmasından sonra Osmanlı nəzarətindəki rumlar, tamamilə oraya yönəlməyə başlamışdır. 1832-ci ildə yunan üsyanlarında çox payı olan Sisam Adasına muxtariyyət verilir.
Bu narahatlıqlar içində Misir qubernatoru Məmməd Əli Paşa üsyan edir və oğlu İbrahim Paşa, Osmanlı ordusunu Konya yaxınlarında məğlub edərək irəliləməyə başlamışdır. M. Əli Paşaya Suriya və Adana vilayətləri də verilərək geri çəkilməsi təmin edilir. Ancaq, 1838-ci ildə M. Əli Paşa Ordusu yenidən hərəkətə keçir və Nizipdə Osmanlı ordusunu darmadağın edir.
1839-cu ildə Sultan Mahmudun ölümündən sonra yerinə oğulu Əbdülməcid keçir. Bu il, Xain Əhməd Paşa, əldə olan Osmanlı donanmasını Misirə apararaq M. Əli Paşaya təslim edir. Bu sırada “Tənzimat Fərmanı”7 elan edilir.
Yuxarıdakı qısa xronikadan sonra həm “Tənzimat Fərmanı”nın hansı şərtlər altında imzalandığı, həm də o dövr və daha sonrakıların ruh halları daha asan aydın ola biləcək. “Tənzimat dövrü”, Rəşid, Əli və Fuad Paşalar kimi yetişmiş insanların rəhbərliyində idarəni mərkəziləşdirmə və bir çox sahədə yenidənqurma səyləriylə keçmişdir. Bu sahədə ciddi uğurlar da əldə edilmişdir. Ancaq bu zəif zamanlarında, varlığını davam etdirə bilmək üçün davamlı Avropalı dövlətlərə möhtac halda olması və o dövlətlərin də hər cür nəzakəti bir tərəfə buraxaraq bu gücsüzlüyü istismar etmələri, yeni yetişən nəsillərə çox ağır təsir etmişdir. “Tənzimat Fərmanı”nın xarici elçilərin8 təzyiqi altında hazırlandığı məlumdur. 1856-cı il “İslahat Fərmanı”nın isə, xarici elçilərin də qatıldığı bir komissiya tərəfindən hazırlandığı da məlumdur. Eyni zamanda Cövdət Paşanın yazdığına və dövrün Şeyxülislamının söylədiyinə görə, düşmən gəmiləri Boğazda və topları saraya tuşlanmış halda 1856-cı il Fərmanı elan edilmişdi. Bu fərmanın, siyasi hüquq sahəsində müsəlman-qeyri-müsəlman ayrımını ortadan qaldıraraq, bərabər vətəndaşlar anlayışını gətirməsi ilə müsəlman xalq yalnız "qeyri-müsəlmana qeyri-müsəlman deyilməyəcək" deyə lağ etmədi; ən pisi bunu heç bir zaman bağışlamadı. Yeni Osmanlıların Tənzimatçılara olan kinlərinin əsas səbəbi də budur. Yeni Osmanlıların təsirində və Namiq Kamalın şeirləriylə qidalanaraq yetişən İttihad Tərəqqiçi yeni nəsil Osmanlının düşdüyü bu zəifliyi Dövlət-i Aliyye-yə yaraşdıra bilməyəcək və onu anlamaq əvəzinə, Tənzimatçılara və idarəçilərdən hesab soruşacaqdılar.
Atəşdə bişən insanlar…
Ənvər Paşanın yeddinci babası Abdullah, Müsəlmanlığı qəbul etmiş bir qaqauz türküdür. Yeməni9 satarmış. Krım sarayında yeməni satarkən, qızlardan birinə vurulub, qız da onu sevir, müsəlmanlığı qəbul edərək evlənirlər. Krımın Ruslar tərəfindən işğalından sonra Don deltasındakı Gili qəsəbəsinə köçürlər. Buranın da işğal edilməsindən sonra Abdullahın oğulu Qəhrəman, Qaradəniz sahilindəki Kastamonunun Söykənə bölgəsinə köçür.
Bu ailədən olan ictimai işlər Təşkilatında inşaat texniki Əhməd bəyin oğulu İsmayıl Ənvər, 23 Noyabr l881-ci ildə çərşənbə günü10 İstanbul Divan yolunda köhnə Lisan Məktəbinin qarşısındakı evlərində doğulmuşdur. Anası Aişə Dilara xanımdır.
Ənvərin şəxsiyyətini təsdiq edən sənədi (nüfus kâğıdı)
Dövlət- i Aliyye-i Osmaniyə Sənədidir
İsim ve şöhreti: İsmail Ənvər bəy.
Pederi ismiyle mahall-i ikameti: Deraliyye’de Ahmet bəy.
Validesi ismiyle mahall-i ikameti: Deraliyye’de Ayşe Hanım.
Tarih ve mahall-i veladeti: Deraliyye 1298 (yazı ile de yazılmış)
Milleti: İslam.
Sanat ve sıfat ve hizmet ve: Erkân-ı harbiye Kolağası.
intihab salahiyeti
Müteehhil ve zevcesi
Müteaddit olup olmadığı: Zevcesi yok.
Derecat ve sunuf-i askeriyesi: Kolağası.
Eşkali
Boy: Orta
Göz: Ela
Sima: Buğday
Alamet-i farika-yı sabite: Tam
Sicill-i nüfusa kaydolunan mahalli
Vilayeti: Manastır.
Kazası: “
Mahalle ve kariyesi: Emirçelebi yabancıyanı.
Sokağı: “
Mesken nu: 14
Nev’-i mesken: hane.
Balada isim ve şöhret ve hal ve sıfatı maharrer olan İsmail Ənvər bəy bin Ahmet bəy Devlet-i Aliyye’nin tabiiyetini haiz olup, ol suretle ceride-i nüfusta mukayyet olduğunu müşir işbu tezkere ita kılındı.
10 Kânunievvel 1321
Deraliyye’de daire 1, Xoca Rüstem Mahallesi
Çatalçeşme sokağı, hanəsər, 6
(Nezaret-i Umur-ı Dahiliye) mühürler.
(Arı İnan, Ənvər Paşanın şəxsi məktubları, Ankara 1997, s. 20)
Ailəsi orta səviyyəli olmaqla onun təhsili üçün lazımlı hər şeyi etməyə cəhd göstərir. Üç yaşında ikən evlərinin yanındakı İbtidai Məktəbə gedər. "İlk bəsmələni mədrəsə müəllimi Qara Hafiz Əfəndinin qarşısında tələffüz etdim" (Ənvər Paşanın Xatirələri, həzz. Xəlil Ərdoğan Çingiz, İst.1991, s. 33). Daha sonra Fatih “Mekteb-i İbtidaîsi”nın ikinci sinfində ikən ictimai işlər qurumunda konduktor olaraq işləyən atasının təyinitı Monastıra keçirilir. Məktəbi orada bitirir. Yaşının kiçik olması səbəbiylə “Askerî Rüşdiye”yə qəbul etmək istəməsələr də, çox həyəcanlı və istəkli olduğu üçün baxaraq məktəbə qəbul edərlər. Yaramaz olmadığı üçün yoldaşlarının, dərslərinə çalışdığı üçün də müəllimlərinin sevgisini Kazanar. İlk imtahanda sinif yeddincisi olur; ancaq ümumi imtahanda, dərsdə keçirilməyən bir sual verilir; kiçik Ənvər cavab verə bilmir. Sinfin altmışıncılığına düşür. Bu vəziyyət onu çox üzür və dərsləri zəifləyir. "Həm sinifin aşağısında olduğum üçün müəllimlərin əhəmiyyət verməməsi səyimi tamamilə kəsirdi. Dördüncü ildə son bir səylə sinifin otuzuncusu olmuşdum. Məktəbdən məzun olarkən on yeddinci oldum". (Çingiz, h.d.ə s. 34) Sakit sadə, amma ətrafına güvən təlqin edən bir şəxsiyyəti vardı. Bu dövründə parlaq bir şagird olmaqdan çox, yaxşı bir şagirddir.