Kitobni o'qish: «Müsibəti-Fəxrəddin / Seçilmiş əsərləri»

Shrift:

PYESLƏR

EV TƏRBİYƏSİNİN BİR ŞƏKLİ

ƏFRADİ-ƏHLİ-MƏCLİS

B a y r a m ə l i b ə y – altmış iki yaşında, ağsaqqal, Avropa libasında

Ş a h m a r b ə y – onun qardaşı, əlli beş yaşında, saqqalı hənalı, ibarətlə danışan, çərkəs libasında

S ə f d ə r q u l u – iyirmi altı yaşında, Avropa libasında, başında papaq

R ə s u l – on altı yaşında, məktəbxana libasında

Bayraməli bəyin oğlanları.

Ə s g ə r – Bayraməli bəyin nökəri, on səkkiz yaşında, köhnə libasda

Əhvalat vaqe olur sübh vaxtı, Bayraməli bəyin otağında, Səfdərqulu oturub bikef, kürsü üstə, Rəsul taxt üstə uzanıb. Otağın ortasında miz və onun üstə bir neçə piyalə və çaydan. Əsgər ayaq üstə, küncdə.

S ə f d ə r q u l u. Ah… bu da bir gün deyil biz çəkirik… Allah kəssin belə diriliyi, belə günü!.. Vallahi mən heç bu evə girmək istəmirəm, elə zəhləm gedib… Evə gələndə elə bil ki, məni cəhənnəmə aparırlar… Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə… Görürsən danışmağa bir söz tapmayanda başlayır: “Rəsul oxumur. Sənin boyunu yerə soxum, hərgah sən oxusaydın, Rəsul da sənə baxıb oxuyardı”. Guya ki, mən Rəsulun qabağında dururam, deyirəm oxuma… Ah! Kişi məni elə darıxdırıb ki, vallah istəyirəm elə özümü boğam öldürəm… Rəsulda da insaf yoxdur…

Ə s g ə r. Yəni kişi yalan deyir? Vallah yox… Budur bax, düz gözünün içinə deyirəm: oxumur, gedir gəzir, gəzir, gəlir deyir ki, dərsə getmişdim. O da belə gedir soruşur bilir ki, getməyib… Gəlir evə, biz biçarənin başına kül ələyir. Barı bu zəhmətə görə, əziyyətə görə, doyunca adama çörək verə, yenə dərd yarıdır; onu da vermir…

S ə f d ə r q u l u. Rəsul da nə oxuyan kimi oxuyur, nə oxumayan kimi oxumur, mən də gündə beş yol evdən qovuluram… Mən hara gedim, qardaş? Getdim, necə dolanım, əlimdən nə iş gəlir? Acından ölənəm ki, ölənəm. Rəsul, bax, canım sənə qurban, axır mən sənin qardaşınam, mənə yazığın gəlsin, oxu. Atamızın iki yüz min manatdan artıq varı var… Qardaşı Şahmar bəyi tanımırsanmı ki, əlimizdən alar? Oxu!..

Ə s g ə r. Rəsul, sən Allah dur ayağa, heç olmasa kitabı al əlinə, barı görsün ki, guya dərsini öyrənirsən; bəlkə bu dəfə, bu sabah ertə baş-beynimiz getməsin, Allah xatiri üçün…

R ə s u l. Əsgər, elə bircə sən qalmışdın, gərək sən də mənə öyrədəydin… Allah mənim atamı öldürsün ki, səni də mənim başıma mindirib.

S ə f d ə r q u l u. Qorxur, nə eləsin, ay başına dönüm!.. Yalandan da olsa kitabı al əlinə, bəlkə Allah rəhm eləyə, bu gün salamat ötüşək. Bax, Əsgər, sən şahidi ol ki, mən Rəsula deyirəm ki, qardaş oxu, sonra kişi deməsin ki, sən qoymursan Rəsulu oxumağa…

Ə s g ə r. Rəsul oxumur, atanız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çortkəyə. Rəsulun müəlliminə bir belə vermişəm, bir elə vermişəm; bizi də acından qırır. Bircə deyin görüm, mən yetimin taxsırı nədir?!

R ə s u l. Dəxi bəsdir… Vallah, billah, tallah, mən bir gün ya özümü zəhərləyib öldürəcəyəm, ya ki gedib özümü Araza atacağam. Vəssalam. Kişi məni bu məqama gətirib.

S ə f d ə r q u l u. Pəh, pəh, pəh! Bu da bir söz oldu. “Gedib özümü suya atacağam”, “zəhər içəcəyəm”. Bəli, qabağına duran olacaq? Kişi elə Allahdan onu istəmirmi?

R ə s u l. Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır.

Ə s g ə r. Kişidən bir qəpik çıxanda elə bil ki, canı çıxır… Qatıq-çörək, qatıq-çörək, tut qurusu-çörək, bir az kefi kök olanda bozbaş… Bir deyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız belə kişidir…

S ə f d ə r q u l u. Yalan danışma, axmaq oğlu axmaq! Əgər mən oxusaydım, məni Parisə göndərmək istəyirdi. Rəsul oxusa, min-min verər. Adamın üstündə Allahı var… İndi elə bu saat vermir? Rəsulda insaf yoxdur.

R ə s u l. Mən oxuram özüm billəm, oxumuram özüm billəm… Heç kimə borc deyil… Əgər sən özün belə qoçaqsan, bəs niyə oxumadın? Səfdərqulu, atam məni tutubdur ki, gərək bir-iki ilə tamam eləyəsən. Mən də bacarmıram. Nə eləyim, qabiliyyət yoxdur, Allah verməyib. Özümü öldürüm? Baş üstə, öldürrəm.

S ə f d ə r q u l u. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, yazıq olmuşam, fəqir olmuşam. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. Ona görə də mən sənə yalvarıram. Sən oxusan, məndən əl çəkər, bir parça çörək mən də yeyərəm.

R ə s u l. Tələsmə, Səfdərqulu, az qalıbdır: ya mən özümü öldürəcəyəm, ya ki onu… Mən dəxi dözə bilmərəm.

Ə s g ər (qapıya tərəf gedib). Aman günüdür, başınıza dönüm, yavaş danışın, yavaş danışın… Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir! Rəsul, kitabı al əlinə, başına dönüm, tez-tez, qurbanın olum.

R ə s u l. Cəhənnəmə gəlsin, gora gəlsin! Ölsə də kitabı əlimə almayacağam.

Ə s g ə r. (balaca sövtlə)

 
Mirzə türəqqa budur ha gəlir,
Əldə falaqqa budur ha gəlir,
Döyməyə sizi ya incitməyə
Hıqqana-hıqqana budur ha gəlir.
 

(Qaçır.)

S ə f d ə r q u l u (tez-tez). Rəsul, aman günüdür, dur, başına dönüm, dur kitabı al əlinə, dur, canım qurban, dur! Rəsul, mənə yazığın gəlsin!..

B a y r a m ə l i b ə y (daxil olur, ayağında çust, əlində məhrəba, başıaçıq, acıqlı ətrafa baxır). Əsgər, Əsgər! (Çağırır.)

Ə s g ə r (tez daxil olub). Bəli, ağa! (Kənara.) Necə murdardır, başınıza dönüm!

B a y r a m ə l i b ə y (rişxəndlə). Samavar kimdən ötrü qoyulub, Əsgər bəy? Neçə qonağımız var, Allah qoysa? Axır sənin dədən də həmişə bilirəm kənddə səkkiz abbasılıq çay içir, sən niyə içməyəsən, Əsgər bəy! Bu samavarı gözün görür, ya yox? Cavab ver, məlun oğlu məlun! Görürsən, ya yox?

Ə s g ə r. Niyə görmürəm, kor ha deyiləm.

B a y r a m ə l i b ə y. Xeyr, görmürsən! Və mən bu saat sənə sübut elərəm ki, görmürsən, özün də bizim bu Səfdərqulu bəy kimi korsan və bu Rəsul bəy kimi tənbəlsən.

Ə s g ə r (kənara). Allahın verən günü elə belə sübut eləyir. (Bayraməli bəyə) Ağa, sən ki, deyirsən mən samavarı görmürəm, neynək, mən də deyirəm ki, görmürəm. Sonra nə buyurursuz?

B a y r a m ə l i b ə y. Sonra, Əsgər bəy, canına dərd buyururam, vərəm buyururam! Heyvan oğlu heyvan, məgər bu samavarı bir yol təmizləyəndə nə olar, canın çıxar?

Ə s g ə r (kənara). Yenə iş axtarır, başınıza dönüm! (Bayraməli bəyə) Bu samavar alınan gündən indiyə kimi heç ona əl dəyməyib, elə belədir belə; mən başıma nə kül töküm?!

B a y r a m ə l i b ə y. Yaxşı cavab verdin, sən hələ dur. (Oğlanlarına) Siz mənə deyin görüm, mən kiməm? Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan, elə də kor öküz kimi yat, sonra danışarıq. (Səfdərquluya) Sualıma cavab! Hm, yadından çıxdı, hafizə qalmayıbdır. Üzünə bax, sifətinə bax! (Güclü.) Bığına bax, bığına!.. Rüstəmi-Zaldır zalım oğlu zalım!

S ə f d ə r q u l u. Vallah başa düşə bilmirəm, məndən nə istəyirsiz?!

B a y r a m ə l i b ə y. Əlbəttə, başa düşə bilməzsən. Başda ağıl varmı ki, başa düşəsən? “Başa düşə bilmirəm”. Xa, xa, xa… Təzə xəbərdir…

S ə f d ə r q u l u. Ağlım yoxdur, ağlı hardan tapım, buyur görək.

B a y r a m ə l i b ə y. Allah hamıya ağıl verir, sənə də vermişdi. Amma sən ağlını puç elədin, gözünün içinə baxanda mən aşkar görürəm ki, sən ağlını puç eləmisən.

S ə f d ə r q u l u. Vallah mən bilmirəm sən məndən nə istəyirsən? Qana bilmirəm, nə qədər fikir eləyirəm qana bilmirəm. (İstəyir getsin.)

B a y r a m ə l i b ə y. Burada dur, hara gedirsən, səndən söz soruşuram, yoxsa istəyirsən yıxım qarnına təpikləyim?

Ə s g ə r (kənara). Kaftar yenə canbaza çıxıb… Öl ha!..

S ə f d ə r q u l u. Mənim axır taxsırım nədir ki, yıxıb qarnıma döyəsən? Görək neyləmişəm? Mən uşaq deyiləm ki…

B a y r a m ə l i b ə y. Uşaq deyilsən, yəqin. İyirmi beş yaşında, bığlar Rüstəmi-Zalın bığları tək çəkilib qulaqlarının dibinə, başda bir tozcan ağıl yox.

S ə f d ə r q u l u. Əstəğfürullah. (İstəyir getsin.)

B a y r a m ə l i b ə y. Dayan dur, yoxsa belinin qozun çıxardaram…

S ə f d ə r q u l u (oturur). Baş üstə. (Kənara) Vallahı qanmıram bu məndən nə istəyir, tfu!

B a y r a m ə l i b ə y (Rəsula). Çolaq öküz, buyur görək: lejaşiy – kakaya çast reçi? (Səktə1.) Hm, bilmirsən? Vay, vay, kül mənim başıma! Əsgər, lejaşiy – kakaya çast reçi?

Ə s g ə r. Mən bilmirəm, ay ağa, başına dönüm. (Kənara) Qudurmuş itə dönüb yenə.

B a y r a m ə l i b ə y. Siz bilmədiz, amma Səfdərqulu ona bülbül kimi cavab verəcək… Hm, Rüstəmi-Zal, buyur görək! Qanmaz uşaqları, mən sizin atanızam, ya yox?

S ə f d ə r q u l u. Atamızsan!

B a y r a m ə l i b ə y. Mən bu saat sizə sübut edərəm ki, mən sizin atanız deyiləm, ya ki, siz məni ata hesab eləmirsiz.

Ə s g ə r (kənara). Yenə sübutun başı açıldı. Allah, sən saxla!

Ş a h m a r bəy (daxil olur). Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram… Nə bais olub sizin bu qədər qəzəbnak olmağınıza? Mən lazım bilirəm sizdən müxlisanə təvəqqe edim ki, siz bir qədər səbr fərmayiş edəsiz.

B a y r a m ə l i b ə y. Mənim günüm itin günü! Otur, qardaş, dərdimi sənə deyim… Gör heç dünyada belə müsibət olarmı ki, mənim başıma gəlir?! Oğlanlarıma baxanda bilərsən ki, mən dünyada nə əziyyət çəkirəm; bu iki fərzəndlərdən bir kor qız çox yaxşıdı… Yüz-yüz verirəm və vermişəm, heç birisindən bir şey çıxmadı.

Ş a h m a r b ə y. Dadaş, bir az səbr buyurun, mən bu avanlardan bir-iki sual edim, görüm bunlar nə mərtəbədə ağıl-şüur sahibləridirlər… Mənim əzizlərim, mən sizdən səbri-tamam ilə göftgu edəcəyəm. Gərək mənim suallarıma diqqəti-lazimə ilən müvafiqi-qaidə cavabdeh olasız.

Ə s g ə r (kənara). Mən itəm əgər bu danışıqdan bir şey başa düşdümsə… Bu yazıqlar neyləsinlər.

Ş a h m a r b ə y. Bilmək istəyirəm nə tərbiyət və şüur sahibləridirlər, bizim cənablar?

B a y r a m ə l i b ə y. Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, birisi kor öküz təki yıxılıb taxtın üstündə, biri də əyləşib xanzadə kimi… Heç biri yerindən tərpənmək istəmirlər, lazım bilmirlər ayağa durub ehtiram eləsinlər. O ki qaldı oxumağa, bu barədə əvəzləri yoxdur…

Ş a h m a r b ə y. Səfdərqulu, atan otağa daxil olanda, ya ki küçədə rast gələndə lazım bilirsən ayağa durub baş əymək, yoxsa lazım bilmirsən?

S ə f d ə r q u l u. Atam bir dəqiqə bir yerdə durmur, hər saatda yüz dəfə çölə çıxır, içəri girir, mən həmişə gərək ayağa durub baş vuram?

B a y r a m ə l i b ə y. Yoxsa qorxursan başın boş olmağına görə düşüb itə, ona görə baş vurmağa cürət eləmirsən? Heyif deyil ki, baş yenə? Murdar oğlu murdar! Cavabına bax, cavabına: “Mən həmişə gərək ayağa duram?” (Yamsılayır.) Duranda canın çıxar, murdar olarsan? Bığına bax, bığına! Boyuna bax, boyuna!

Ə s g ə r (kənara). Zalım oğlu yenə ölçür.

Ş a h m a r b ə y. Dadaş, indi bildim ki, sizin zəminü-asiman səbrivüz varmış. And olsun xudayə, bir türfətül-eyndə dərilərin boğazlarından tülkü dərisi kimi soyardım hərgah mənim uşaqlarımdan birisi mənə belə cavab versəydi!

B a y r a m ə l i b ə y. Durun ayağa, hər ikiniz sürünün mənim evimdən, gözüm sizi görməsin! Rədd olun başımdan, gedin nə tövr dolanmaq istəyirsiniz dolanın! Vəssəlam… Hm, nəyə tərpənmirsiniz? Yoxsa istəyirsiz boynunuza bir beş-on da yapışdırım?!

Ş a h m a r b ə y. Dadaş, sənə fəda olum, bir qədər səbr buyurun. Səfdərqulu, hələ demək, bu sənin atandır, çox yaxşı, bu evə girəndə ayağa durmağı lazım bilmirsən, çünki o bir dəqiqə necə ki özün deyirsən, bir yerdə durmur. Mən sənin ağsaqqal əminəm, görək mən gələndə ayağa niyə durmadın? Buyur görək.

Ə s g ə r (kənara). Ay özün öləsən! Mən də dedim görəsən nə deyəcək.

S ə f d ə r q u l u. Durmadım-durmadım. Görək məni öldürməkmi gərək? Baş üstə, bundan sonra durram.

Ş a h m a r b ə y. “Baş üstə, bundan sonra durram”. Bu bir cavab olmadı… Bəs indiyə kimi öz borcunu niyə mülahizə eləməmisən? Yox, əzizim, yaxşı danış, mənə qandır görüm indiyə kimi niyə durmurdun? Mən ildə bir dəfə bu evə gəlləm, onda da belə hörmət? Eyibdir sizə. Axır sən iyirmi beş yaşında oğlansan.

B a y r a m ə l i b ə y. O qarabağlı bəy oxuyan həcv nə tövr idi? “Deyirlər məsəldir məşhur törəyən itdən…” Xeyr, belə deyil. “Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu”.

Ş a h m a r b ə y. Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur.

Ə s g ə r (kənara). Çox əcəb oldu. Belədir ki, belədir.

B a y r a m ə l i b ə y. Eybi yoxdur… Yaxşı sözlərdir… Əsgər, qoçağım, de görüm, nə tövrdür.

Ə s g ə r. Şahmar ağa buyurur ki, bir ucu sizə toxunur. Mən qələt elərəm, deyə bilmərəm.

B a y r a m ə l i b ə y. Eybi yoxdur, de!

Ə s g ə r (mərdanə). O qarabağlı belə oxuyurdu:

 
Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Hədsizdi bu viranədə, bişək, köpək oğlu.
Məşhur məsəldir ki, bitər ot öz kökü üstə,
Səgdən törəyən axır olar səg, köpək oğlu.
 

B a y r a m ə l i b ə y (oğlanlarına). Əgər siz bu beş kəlmə sözü bir ayda öyrənə bilsəz, mən adımı alabaş qoyaram. Sizdə o şüur yoxdur, yox.

Ə s g ə r (kənara). Camaat, siz öləsiz, bu beş kəlmə sözü qarabağlı bəy bunun özünə üç ayda öyrədə bilmədi.

Ş a h m a r b ə y. Mətləbdən uzaq düşdük… Mənim əzizlərim, sualıma cavab!

Ə s g ə r (kənara). Füzul oğlu füzul, bəsdir də!

S ə f d ə r q u l u. Əgər şüur yoxdur, tərbiyə yoxdur, dəxi bizdən nə istəyirsiz? Allah xatirinə, dəxi bəsdir, bizi incitməyin, yazığıq, qoyun bu sabah ertə görək nə var.

Ş a h m a r b ə y. Səfdərqulu, bildim sən nəkarəsən. Kifayətdir… Rəsul, qardaşım, sən niyə əmin evə girəndə ayağa durmadın, əzizim?

R ə s u l. Ağlıma gəlmədi, durmadım.

B a y r a m ə l i b ə y. Hələ belə işlər dursun kənara… Dərsə niyə getmirsən, bişüur oğlu bişüur? Mən axır hər bir saata iki manat pul verirəm…

R ə s u l. Pul vermirsən, o da dərs vermək istəmir, mən də getmirəm. Qurtardı getdi.

B a y r a m ə l i b ə y (kitabça çıxardıb). Mən pul vermirəm? Mən pul vermirəm? Yalan danışma, qotur oğlu qotur!.. Şahmar, bircə otur burada, bir dəqiqə buyur bir-bir deyim, sən sal. (Şahmar bəy çotgəyə salır.) Yanvarda vermişəm əlli manat, sal.

Ş a h m a r b ə y. Bu əlli manat!

Ə s g ə r (kənara). Əvvəl-axır çotgə gələcəkdir ortaya… Öləsən elə, ay milyonçu!

B a y r a m ə l i b ə y. Mart ayında yetmiş səkkiz manat.

Ş a h m a r b ə y. Yüz iyirmi səkkiz manat.

B a y r a m ə l i b ə y. Mayda yüz on bir manat pul və üç putdan on girvənkə kəm yağ, putu on iki manatdan, bu da elər, bu da elər… Əsgər, neçə elər?

Ə s g ə r. İki putu iyirmi dörd, o da doqquz, otuz üç manat elər.

Ş a h m a r bəy. Bərəkallah, Əsgər. Bu elər iki yüz yetmiş bir manat… Çox puldur, bunun altından çıxmaq olmaz.

Ə s g ə r (kənara). Onda boğazınıza çatı salın!

B a y r a m ə l i b ə y. Bu hesaba baxanda mənim on illiyim geri düşür, ay mürtədin balası. Canıma od düşür, ay qotur oğlu qotur!.. Ölürəm, ay zalım oğlu!..

Ə s g ə r (kənara). Öl ha… Öl ha!

Ş a h m a r b ə y. Dadaş, ondan keçib. İndi nə eləmək gərək barı heç olmasa bunlar bitərbiyət olmasınlar, əmiləri içəri girəndə ayağa dursunlar?

B a y r a m ə l i b ə y (Səfdərqulunu ortalığa çəkib). Sən bundan tərbiyət gözləyirsən? Bir buna bax, sifətinə bax. Bığına bax, bığına…

S ə f d ə r q u l u. Kişi, Allaha bax, əstəğfürullah!

B a y r a m ə l i b ə y. Əstəğfürullah deyəndə məni döyəcəksən? Çıx çölə, çıx! (itələyir.) Gör necə murdardır a! Yaxın duranda it iyi verir, sürün!

S ə f d ə r q u l u (gedə-gedə). Qorxma, o iy məndən gəlmir…

Ş a h m a r b ə y. Tfu! Belə övlad olarmı? Allah qırsın sizi… Mən belə hərəkətlərə dözə bilmərəm. (Gedir.)

(Rəsul getmək istəyir.)

B a y r a m ə l i b ə y (kağızı cibindən çıxardıb). Dayan, oxu. Oxu, qotur oğlu qotur! Oxu! Əlli manat pul istəyir. Beş yol dərsə getməmisən, məlun oğlu məlun! Özü yazır ki, getməmisən… O mənə borc deyil deyir… Belə iş olar?

R ə s u l. Oxumuram, oxumuram, oxumuram… Məndən nə istəyirsən, öldürəcəksən? Qabiliyyət yoxdur. Oxumuram.

B a y r a m ə l i b ə y. Dərzi Arakelin oğlu bugün-sabah həkim gəlir, ay şüursuz oğlu şüursuz! Karapetin oğlu injenerdir, niyə ölmürsən? Niyə çatlamırsan, ay binamus oğlu binamus? Mən axır od tutub yanıram!

R ə s u l. Belə tək sənin acığına oxumayacağam, ölsən də oxumayacağam!

Ə s g ə r (kənara). İş yoğunladı, mən qaçım. (Qaçır.)

B a y r a m ə l i b ə y (Rəsulun qulağından tutur). Oxumayacaqsan? Oxumayacaqsan? (Qulağın bərk dartıb) Yaxşıdırmı, yaxşıdırmı?

R ə s u l. Əl çək, əl çək, əl çək deyirəm sənə… Əstəğfürullah!

B a y r a m ə l i b ə y. Dəxi mənim canımı boğazıma yığdın sən… Yaxşıdırmı?.. İti döyməzlər, ay itin balası!..

R ə s u l. Əl çək demirəm sənə?! (Boğazından tutub yıxır taxtın üstə) Bu da yaxşıdırmı? Sən məni təngə gətirdin, bu da yaxşıdırmı?..

Ə s g ə r (daxil olub). Odu aayy! Heylə, başına dönüm, heylə!..

Pərdə
1875

DALDAN ATILAN DAŞ TOPUĞA DƏYƏR
(Komediya)

ƏHLİ-MƏCLİS

Ə b d ü r r ə h m a n b ə y – əlli iki yaşında, çinovnik, qulluqdan çıxmış.

X ı r d a x a n ı m – onun övrəti

S ə k i n ə x a n ı m – onların qızı, on səkkiz yaşında

Ə b d ü r r ə h i m – nökər

P ə r i – qarabaş

N u r c a h a n – aralıq övrəti

H e y d ə r ə l i – dərviş, iranlı

İ s k ə n d ə r b ə y – cavan həkim

D ə l i Ş i r i n

ƏVVƏLİNCİ MƏCLİS

Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə.

X ı r d a x a n ı m. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana… Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam… İçərim özümü yandırır, çölüm özgəni… Xırda xanım budu getdi, Xırda xanım odu getdi… Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də… Ah, ah!..

Ə b d ü r r ə h m a n b ə y. Arvad, yaxşı başlamısan, durma heyfdir!

X ı r d a x a n ı m. Səbəbin Allah evin yıxsın, tünbətün olsun, dərin yatsın, evi başına uçsun, dərbədər olsun məni bu evə düçar eləyəni!.. O günlərə daş düşəydi, zəlzələ oleydi, tarmar oleydi…

Ə b d ü r r ə h m a n bəy. Afərin, sabah ertə yaxşı başlamısan mavərənnəhri.

X ı r d a x a n ı m. Mən ki sənnən danışmıram. Barı qoymazsan, heç olmazsa dərdimi öz-özümə deyim, a biinsaf? İnsaf da buracan?!

Ə b d ü r r ə h m a n b ə y. Çünki mənnən danışmırsan, qoy bir stəkan çay içim, baş üstə, mürəxxəs olum qulluğundan, ondan sonra allahvara əllərinin ikisini də qoy qulaqlarının dibinə gəraylı çağır.

X ı r d a x a n ı m. Tələsmə, gedərsən, varax durur, sən durursan; çaxır durur, qumar durur, sən durursan, qaçmazlar. Elə bu dərddi məni öldürən, ay biçarə. Elə bu dərddi məni bu günə salan, ay biçarə. Arın yox, namusun yox.

Ə b d ü r r ə h m a n b ə y. Sən atayın goru, qoy oturax. Bəsdi, abrın olsun, həyan olsun!

X ı r d a x a n ı m. Mən bilmirəm sən məndən nə istəyirsən ey! Qoymazsan bir saat dərdimə, fikrimə qalam?!

Ə b d ü r r ə h m a n b ə y. Əstəğfürullah rəbbi və ətubəileyhə! Arvad, mən səni incidirəm? Mən səni söylədirəm? Mən sənin ovqatını təlx eləyirəm, yoxsa sən mənim?

X ı r d a x a n ı m. Sənin öz-özündən xəbərin yoxdu, a biçarə… Əgər dərdini bilsən, bu dildə, bu damağda qalmazdın.

Ə b d ü r r ə h m a n b ə y. Tfu, axı nə deyim… A gədə, Əbdürrəhim, Əbdürrəhim, sən atayın goru tez bir çubuq gətir ver durum itilim burdan… Arvad genə dınqır-dınqır eləyir.

X ı r d a x a n ı m. Bilirəm, gedəcəksən. Bilirəm, tələsirsən. Bəli, varax qaldı axı, neyləyəsən?.. Daş düşübdü mənim başıma, sənə nə var… Mən də fəxr eləyirəm ki, Əbdürrəhman bəy kimi sahibim var… Bəli, şükür Allaha.

Ə b d ü r r ə h m a n b ə y. Əbdürrəhim, Əbdürrəhim, a gədə, sənə demirəm çubuq gətir? Arvad, sən atayın goru ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm.

X ı r d a x a n ı m. Sənin kimi kişini çay aşağı axıdım, çay yuxarı axtarım. Şükür Allah, sənə! Mənə bax, sahibimə bax!

Ə b d ü r r ə h m a n b ə y. Arvad, sən atayın goru bir mənə de görüm başına at təpib, ya ki soyux dəyib? Axır məndən nə istəyirsən?

X ı r d a x a n ı m. Sən nə kişisən ki, mən səndən nə istəyim… Bilməzsən nə var nə yox, bilməzsən arvadın dərdi nədi, uşağın dərdi nədi. Gündüz axşama kimi başın qarışıb gədə-güdəyə, uşaq-muşağa. Gecə qumar, gündüz qumar.

Ə b d ü r r ə h m a n b ə y. Axı evdə nə dərd var ki, mən onun fikrinə qalam?.. Təvəqqe eləyirəm ki, ağzını göyə tutmayasan!

X ı r d a x a n ı m. Qırqovul başın kola təpər, daldan xəbəri olmaz. Daş başıma salasan. (Əbdürrəhim çubuğu gətirir, gedir).

Ə b d ü r r ə h m a n b ə y (çubuğu çəkə-çəkə). Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya, orada züy tutasan bundan ötrü ki, bir böyük məşğuliyyət olub.

X ı r d a x a n ı m. Mən onsuz da ağlamalı günə qalmışam. Sənin kimi sahibi olan mən günə qalar.

Ə b d ü r r ə h m a n b ə y. Axır sənə nə olubdu, balam? Acsan, çılpaqsan, evin yoxdu, taydan-tuşdan geri qalmısan ki, belə canbazlığa çıxmısan?

X ı r d a x a n ı m. Hanı ki… Dərdim elə olar olaydı.

Ə b d ü r r ə h m a n b ə y. Bəs nədi dərdin, qoçaq?

X ı r d a x a n ı m. Əvvəla elə onu götür ki, bizim bir yetişmiş qızımız var, onu gərək bir təhər eləyək.

Ə b d ü r r ə h m a n b ə y. Elə bu mətləbdən ötrü bu qarəvəllini gətirirdin?

X ı r d a x a n ı m. Bu dərdi azmı bilirsən?

Ə b d ü r r ə h m a n b ə y. İndi gəldik Mərəndə… Pərvərdigara, görəsən elə hamı arvad elə beləmi olurlar? Qaçar ala dağdan qara dağa, qara dağdan ala dağa. Yeniş-yoxuş, dərə-təpə, axırdan-axıra nədi-nədi kömür qaradı, qatıq ağdı.

X ı r d a x a n ı m. Sən axırı hədyana düzübsən… Qızın dərdi az dərddi? Onun tayları hamısı gediblər… Püstə xanımın qızı getdi. Nurcahan xanımın qızı getdi. Səfdərqulu bəyin qızı getdi.

Ə b d ü r r ə h i m b ə y. Arvad, Allaha bax, tanrıya bax, qız deyəndə alma deyil, qarpız deyil tökəsən bazara, haray çəkəsən ay alma alan, ay şaftalı alan. Dəli olmamısan ki, arvad?

X ı r d a x a n ı m. İndi ki mətləbin başı açıldı…

Ə b d ü r r ə h m a n b ə y. Mətləbin başı açıldı, amma çox zülmlən, ənvayi-müsibət ilən.

X ı r d a x a n ı m. Yaxşı sən atayın goru, qoy sözümü deyim… Bircə mənə de görüm, getmisənmi İskəndər bəyin yanına? O ki invərsət deyirsiz, nə deyirsiz qurtarıb, həkim gəlib, deyirlər ki, bir yaxşı kamallı, göyçək oğlandı. Heç belə zad ağlına gəlibdimi?

Ə b d ü r r ə h m a n b ə y. İndi başa düşdüm mətləbini, arvad… Elə işləri sən özün yaxşı bilirsən, gərək o gəlsin vizitə, yoxsa mən gedim ona nə deyim? Deyim ki, gəl mənim qızımı al? Tutalım ki, dedim, axır alarmı? Elə iş heç bir yerdə görünübdümü? Axı biz müsəlmanıq.

X ı r d a x a n ı m. Mən əvvəl gündən bilmişəm başıma düşən daşı. Mən bilirəm ki, sən elə şüur yiyəsi deyilsən. Get Allahı sevərsən, get qumar oynamağın dalınca. Mən öz işimi düzəldim, onda bilərsən ki, analar necə qızlar doğublar.

Ə b d ü r r ə h m a n b ə y (gedə-gedə). Allah xeyir versin. Sən nəsən ki, düzəltdiyin iş nə ola? Mən ancaq axırda rüsvayçılıqdan qorxuram.

X ı r d a x a n ı m. Get, dalınca da bir qara daş getsin.

Ə b d ü r r ə h m a n b ə y (gedir). Tuf… tuf…

X ı r d a x a n ı m (tək). Heç mümkün deyil, nə tövr olsa gərək varımdan, yoxumdan keçib bu işi düzəldim; yoxsa o qızların oxutmuş ləçərlər əgər bilsə, oğlanı çəkəcəklər bəndlərinə… Belə ittifaqı əldən buraxmaqlıq bişüurluqdur… Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu… Əbdürrəhim, Əbdürrəhim! (Əbdürrəhim daxil olur.)

Ə b d ü r r ə h i m. Nə buyurursan, xanım?

X ı r d a x a n ı m. Bu saat gedərsən Nurcahan arvadı və o Dərvişi ki İrandan təzə gəlib, çağırarsan bura. Nə tövr olsa gərək bu dəqiqə burada olalar. Başa düşdünmü? Şəhəri bir-birinə vurub tapıb gətirərsən!..

Ə b d ü r r ə h i m. Bəli, bu saat, xanım. (Gedir.)

X ı r d a x a n ı m. Tez ha, tez ha… Pəri, Pəri! (Pəri daxil olur.)

P ə r i. Nə buyurursan, xanım?

X ı r d a x a n ı m. Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi elərsən!

P ə r i. Baş üstə. Xeyirdimi, ay xanım, başına dönüm?

X ı r d a x a n ı m. Hələ danışmaq yeri deyil, bircə tez Səkinəni də bura göndər! (Pəri gedir.)

X ı r d a x a n ı m. Ay pərvərdigara, sən özün kömək elə, nəzir elərəm, hər ocaqda bir şam yandırım, beş qoyun kəsim, iki gün ildə ehsan verim. On yetim sevindirrəm. Ya göy çadırın sahibi!..

(Səkinə daxil olur.)

S ə k i n ə x a n ı m. Nə buyurursan, ana?

X ı r d a x a n ı m. Anan sənə qurban, Pəriyə kömək elə evləri təmiz süpürsün… Sonra əl-üzünü təmiz yu, libasını dəyiş, bəlkə bizə naqafil bir qəribə qonaq gəldi.

S ə k i n ə x a n ı m. Kələyini duymuşam… Mənciyəz elə işi bacarmaram.

X ı r d a x a n ı m. Kəs, küçük! Sənə nə deyirəm əməl elə. Yeri, qız uşağısan, artıq danışma. Yeri, anan sənə qurban, yeri. Allah ananı mətləbinə yetirsin. (Xırda xanım Səkinəni itələyə-itələyə çıxarır)

X ı r d a xanım (diz üstə üzü qibləyə). Ya göy çadırın sahibi! Ya mıxı mismara döndərən Tanrı! Ya yoxdan bizi xəlq eləyən Tanrı! İmdad günüdür, yet dada!

(Əvvəlinci məclis tamam olunur, pərdə salınır.)

İKİNCİ MƏCLİS

Xırda xanım yerində əyləşmiş… Əbdürrəhim daxil olur.

X ı r d a x a n ı m. Əbdürrəhim, necə oldular?

Ə b d ü r r ə h i m. Nurcahan arvadı gətirdim, amma dərviş dedi ki, namazımı qılıb, bu saat gəlim.

X ı r d a x a n ı m. Nurcahan gəlir, bəs hanı?

Ə b d ü r r ə h i m (qapını açıb baxır). Budu gəldi… Nurcahan xala, gəl içəri!

X ı r d a x a n ı m. Əbdürrəhim, sən get işinə. (Əbdürrəhim gedir, Nurcahan daxil olur.)

N u r c a h a n. Salam əleyküm, Xırda xanım. Başına dönüm, xeyirdimi? Atam-anam sənə qurban.

X ı r d a x a n ı m. Xeyir olmamış nə var, a başı batmış! Nə verərsən mənə, sənə bir elə zad bağışlayım heç dadı damağından getməsin?

N u r c a h a n. Mən sənin qarabaşınam, itinəm… Ölüm, canım da sənindi, balalarım da sənindi. Başına dönüm, sən desən ki, get özünü qayadan at, ona da hazıram, yesirin olum.

X ı r d a x a n ı m. Nurcahan, düz mətləb üstə gəlmək hamısından yaxşıdır… Özün bilirsən indiyə kimi tamam şəhər bir yana olub, mən bir yana və neçə-neçə müştərilər mənlən qohum olmaq istəyib, mən qəbul etməmişəm; çünki əvvəla, Səkinə hələ uşaqdı, ikinci o müştərilər bizə tay olmayıb, özün də bilirsən.

N u r c a h a n. Bıy, başına dönüm, niyə bilmirəm? Bizim şəhərdə Səkinə xanıma layiq kim var?

X ı r d a x a n ı m. İndi bu saat bizim şəhərdə bir oğlan var. Doğrusu budur ki, mən onu çox şadlıq ilən oğulluğa qəbul elərdim, amma elə adamım yoxdur ki, bu işi düzəltsin. Bu işi heç kəs düzəldə bilməz, səndən savay.

N u r c a h a n. İtin olum, xanım! Siz özünüz yaxşı bilirsiniz ki, Nurcahan elə işləri su içməkdən hasand bilir, belə işlərin anasıdı… Sizə məlumdu bizim şəhərdə nə qədər qız gedir, mənsiz heç keçmir. Bax, xanım, başına dönüm, əvvəl bu Səfdərqulu bəy, sonra Nurcahan xanım, ondan sonra…

X ı r d a x a n ı m. A başı batmış, əgər bu işləri mən bilmirdim, səni niyə çağırırdım.

N u r c a h a n. İndi Xırda xanım, başına dönüm, bircə elə onu mənə de görüm oğlan kimdi. Vəssalam, nağma tamam. Artıq zad mənə lazım deyil.

X ı r d a x a n ı m. Həkim İskəndər bəy. Hansı ki…

N u r c a h a n. Bıy, bıy, elə onu de. Heç gör ağlıma gəldimi? Çox yaxşı, çox əcəb. Kifayət elər, bəsdi. Allah qoysa görərsən o tərlanı nə təhər bəndə salacağam… Onu deyim sənə, Xırda xanım, başına dönüm… Həkim bir yaxşı ev tutub. Bu saat mən bura gələndə ona çox qəribə istul, kürsülər apardılar. Görünür ki, otaqların bəzəmək istəyir. Amma özün də görmüşəm. O sifətdə, o şücaətdə oğlan tapılmaz. Amma, Xırda xanım, sən də qoçaqmışsan. Halal olsun sənə anandan əmdiyin süd! Pəh, pəh, pəh!

X ı r d a x a n ı m. Ancaq bu işi yadda saxlamaq gərək… Özün bilirsən şəhrimizdə bu saat yetişmiş qız çoxdur, o cümlədən o arvadın qızları… Adı nədi? Özləri oxuyub elm tamam eləyiblər… Əgər bizim qorxumuz olsa, o ləçərdən olacaq.

N u r c a h a n. Ağrın oların ürəyinə!.. Qadam onların oxumağına!.. Allahın verən günü məni apardılar, ta ayağımda başmaq da qalmadı gedib gəlməkdən… Hər kimə deyirəm, cavab verirlər ki, bizə rus qızı lazım deyil.

X ı r d a x a n ı m. Nurcahan, bizə yatmaq kar verməz; gərək elə bu gündən başlayaq tor atmağa.

N u r c a h a n. Nə demək istər? Əlbəttə, əlbəttə… Mən deyirəm elə bu saat gedim görüm nə qayırıram.

X ı r d a x a n ı m. Bax, Nurcahan, bu işi səndən istəyirəm. Gərək nə tövr olsa düzəldəsən. Mən də sənə borclu oluram bir dəst şaldan libas əbrə işməkli, otuz manat pul və qabaqcan bir dəst çit paltar. Bəsdimi?

N u r c a h a n. Heç verməsən də mən sənin qulluqçunam. Sən nə deyirsən, başına dönüm.

X ı r d a x a n ı m (çağırır). Səkinə! Səkinə!

(Səkinə daxil olur.)

X ı r d a x a n ı m. Anan boyuna qurban, o sandığın içində çit var, onu gətir ver Nurcahan nənəyə. (Səkinə gedir.) Bax, Nurcahan, dəxi bilmirəm, bu işi səndən istəyirəm. Nə tövr olsa gərək iş düzələ, yoxsa məni ölmüş görərsən.

(Səkinə çiti gətirir.)

N u r c a h a n (Səkinəyə). Nurcahan nənən sənə qurban, a bizim maralımız, a bizim ceyranımız, a bizim tavatımız! Belə ahu baxışına qocaca nənən qurban, a qız, a qız!.. Xanım, deyirəm dahı mən gedim.

X ı r d a x a n ı m. Səkinə, sən get öz otağına. (Səkinə gedir) Nurcahan, hələ bir az gözlə görək təzə dərviş nə deyir.

N u r c a h a n. Xırda xanım, başına dönüm, o dərvişdən adama möcüzələr nağıl eləyirlər, adamın başının tükü biz-biz durur… Deyirlər ki, əgər istəsə səni də bu saat öz yanına biixtiyar caduynan aparar, necə ki, Hacı İskəndər bəyin arvadını aparıbdır. Xanım, dərvişi də yaxşı fikrinizə salmısınız.

(Əbdürrəhim daxil olur.)

Ə b d ü r r ə h i m. Xanım, dərviş gəlibdi.

X ı r d a x a n ı m. Buyursun.

(Dərviş daxil olur, çiynində xurcun tayı, içi dolu kitab və hər bir büsatı ilə.)

D ə r v i ş. Salam əleyküm.

X ı r d a x a n ı m və N u r c a h a n (ayağa durub). Əleykümsalam, ağa dərviş, buyurun. (Dərviş oturur.)

D ə r v i ş. Xanım, bəndəyə görə nə fərmayişiniz var?

X ı r d a x a n ı m. Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görkəzirsiz, doğrudurmu?

D ə r v i ş. Nə ərz edim, xanım xahiş edən görər.

X ı r d a x a n ı m. Mən xahiş edərəm ki, siz bir qızın bir oğlan ilən ulduzun barışdırasınız və əgər bu işə əncam versəniz, məndən nə alarsınız?

D ə r v i ş. Xanımcan, belə işlər mənim cadumun məqamında elə asandır necə ki, bir cam su içmək. O ki qaldı məni razı etməyə, o bağlıdır sizin şəfaətinizə.

X ı r d a x a n ı m. Mən hazıram hər nə siz buyursanız, onu sizə verməyə.

D ə r v i ş. Xanımcan, şükür olsun xudaya, siz sahib güzaransınız və mən sizdən artıq istəmirəm. Mənə iltifat edərsiz bir rəs at, bir dənə cübbə, bir saat və bir qədər cib xərşdiyi.

X ı r d a x a n ı m. Mən razıyam.

D ə r v i ş. Buyurun indi görək oğlanın ismi nədir, qızın ismi nədir?

X ı r d a x a n ı m. İskəndər və Səkinə.

D ə r v i ş. Pəh, pəh! Maşallah! İsmlərindən görünür ki, tamam olmuş işdir. İskəndər və Səkinə… Xanım, buyurun bir təşt su gətirsinlər.

(Nurcahan gedir su gətirməyə, Dərviş kitablarını açır, qələmdanı və bir neçə kağızları o yan-bu yan edir, əbcəd hesabına görə kağızlarda yazır. Nurcahan təşti gətirir, Dərviş diqqət ilə suya baxır.)

D ə r v i ş. Xanım, buyurun görüm Səkinə xanım gecələr vəhşət ilə qalxıb yeri üstə oturub, öz-özünə danışırmı?

X ı r d a x a n ı m. Ağa dərviş, Allahı sevərsən, məni qorxutma, hərdən-birdən olur.

D ə r v i ş. İşimiz bir az çətin oldu. Amma eybi yoxdur, qorxmayın! (Qoltuğundan bir neçə zəncir çıxardır, silkələyir.) Xanım, bu zəncirləri görürsən? Bunların hər bir bəndində düşmənlərin birisi bağlıdı. Babasına lənət onların, heç zad qayıra bilməzlər. Buyurun bir içi dolu od manqal gətirsinlər. (Nurcahan gedir manqal gətirməyə, dərviş ciblərindən neçə kağızlar arasında cürbəcürə otlar və benqalski aqon çıxardır.) Xanım, bilirsiniz nə var? Sizdən təvəqqe edirəm ki, qorxmayınız… Tayifeyi-cindən ikisi Sərtanüş və Muqərqanuş mütəsərrif ediblər Səkinə xanımı. Lazımdır onları rəf etmək, ta ki işlərimiz düzəlsin, yoxsa onlar qoymazlar. Kafirlər hücum edib gələcəklər, mən onların qanadlarını yandıracağam, amma qorxmayın (Nurcahan manqalı gətirir. Dərviş başlayır oxumağa. Oxuya-oxuya bir neçə otlar atır manqala, qalxır ayağa bir əlində kitab və bir əlində nacaq benqalski aqonu atır manqala, oxuyur.): Xurulfərrarə vəttəlqa və şeyən yəşbəhülbərqa. İza məzzac təhussöhqa. Mələktəş-şərqə vəlqərba, sərhəti təcətü mərahya… Budu gəldilər, qorxmayın. (Yenə oxuyur əl-ayağın tərpədə-tərpədə, Nurcahan və Xırda xanım qısılmış). Nurcahan, Xırda xanım. Allah, sənə pənah. Allah, sənə pənah.

D ə r v i ş. Babası yanmışları gördünüz? Yaxşı tanıyırsız Heydərəlini. Tamam heyvanat, nəbatat, vəhşiyyat, cinü-ins bu tilsimlərdədirlər. Zəncirlərdə…

X ı r d a x a n ı m və N u r c a h a n. Allah, sənə pənah. Allah, sənə pənah. Allah, amandı.

D ə r v i ş. Qurtardım. Heç qorxmayın, bacılarım. İndi, xanım, bir şey var: mənə lazımdır bir dənə yumurta, o yumurtanın üstündə bir dua yazacağam zəfəran ilə. Gərək onu İskəndər bəyin qapısında bir övrət yerə vursun, sındırsın… Əlavə mənə lazımdır bir dənə kök qurbağa. Dua yazacağam, o duanı atarsız bir cam suya və qurbağanı asarsınız o camın üstünə başıaşağı və bir də bir dua yazacağam, onu suya salıb verəsiz oğlana; bir qətrə də olsa kifayət edər. Çay içində, su içində. eybi yoxdur.

X ı r d a x a n ı m. Nurcahan, dur bir yumurta gətir. (Nurcahan gedir.) Ağa dərviş, bəlkə bu saat qurbağa tapılmadı.

D ə r v i ş. Eybi yoxdur, sonra taparsınız. O qurbağa başıaşağı qalıb suya baxa-baxa öləcəkdir və o dəqiqədən başlanacaq məhəbbət eşqi odlanmağa…

(Nurcahan yumurtanı gətirir, Dərviş yumurtanı yazır.)

D ə r v i ş. Xanım, bu yumurta gərək yerə qoyulmasın. Nurcahan bacı, saxla, yerə qoyma. (Yumurtanı Nurcahan yaylığının ucunda döşündə saxlayır.)

D ə r v i ş. Nurcahan bacı, bir-iki kasa də təmiz su gətir, birisi içməkdən ötrü, birisi də qurbağadan ötrü.

N u r c a h a n. Ağa dərviş, ala, su hazırdı.

D ə r v i ş (duaları yazıb suya salıb). Bu göy kasa qurbağadan ötrüdür və bu ağ kasa içməkdən ötrü. Dur, xanımcan, indi mənim elmim tamam oldu. Rüsxət verin, mən gedim.

X ı r d a x a n ı m. Ağa dərviş, buyur. Bu hesab deyil. (Beş manat verir.)

D ə r v i ş. Xanım, iş möhkəm olmaqdan ötrü fitəni də (cibindən çıxarır) atarsız ocağa, yansın, ondan sonra oğlan Allahın verən günü biixtiyar gələcək qulluğunuza. Dəxi mən də mürəxxəs olum.

X ı r d a x a n ı m. Buyur, Allah səni də və məni də bu işdə məyus eləməsin… (Dərviş gedir.) Nurcahan, gərək sən də öz işinin dalınca ol. (Gedirlər. Pəri daxil olur.)

P ə r i. A başınıza dönüm, bu arvad lap ağlını itiribdir axı. Bir deyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vermək olar?.. İşdi yağmadı, bitmədi. Ondan sonra zurnaya qulaq as. Gələcəkdi Püstə xanım, “a qız, Xırda, bacın ölsün, bu nə sözdü şəhərdə danışırlar?”… Gələcəkdi Bədircahan xanım, “a qız, Xırda, mən elə sevinirdim, and olsun Allaha, elə sevinirdim. Doğrusu deyirdim yoğurmadım, yapmadım, hazırca kökə tapdım, a xalan ölsün bu nə işdi?”.. Gələcəkdi Məşədi Cahan, “xanımın canı sağ olsun, İskəndər olmaz, Kərim olu, Kərim olmaz, Səlim olu”… Beş-beş gələcəklər, yeyib-içib, şad-xürrəm geri gedəcəklər. Xanımlar elə belə mahna axtarırlar. İndi, Pəri, gəl evi süpür. Pəri, su gətir. Pəri, başmaq qoy. Bəxtəvər başımıza, pişiyimiz oğlan doğub… Əgər xanımın ağlı olsaydı o bir dəst çit libası verərdi mənim qızıma, mən yüz Nurcahan kimi adamın işin görərdim. Baş tutardı çox yaxşı, tutmazdı qalardı palaz altında… Çörəyi çörəkçiyə ver, birini də artıq. Aley, daş başına, ağılsız başına. (Qarğıyır Xırda xanım gedən tərəfə.)

Pərdə

ÜÇÜNCÜ MƏCLİS

Əhvalat vaqe olur İskəndər bəyin mənzilində. İskəndər bəy ayaq üstə durub stol yanında və stolun üstə kitab. Kitaba baxıb fıştırıq çalır.

İ s k ə n d ə r b ə y (sağ əlinin dal tərəfin kitaba bərk vurub). Möhkəm dostum, əziz dostum, bitəməh dostum, bihəsəd, xalis dostum! Təklik yoldaşı, dərd-qəm yoldaşı, baqi dostum… Pərvərdigara, şükür, gündə min kərə şükür sənə ki, mən kimi yetimi bu məqama gətirdin və məni tamam dünyanın ağıl və kamal sahiblərilə həmsöhbət etdin. Şükür, min kərə şükür!..

N u r c a h a n (qapıdan baxır). Həkim, sənsən? Başına dönüm, atam, anam sənə qurban!

İ s k ə n d ə r b ə y. Mənəm, xala, içəri gəl!

N u r c a h a n. Belə xalan sənin başına dönsün. Belə xalan sənin qadan alsın.

İ s k ə n d ə r b ə y. Mənə görə nə qulluğun var? Əlindəki nədi?

N u r c a h a n. Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlı nəvəmə dava adına, məndən beş şahı pul alıb. İndi hər kim dadır deyir bu xalis sudu, indi sənə qurban olum…

İ s k ə n d ə r b ə y. Gətir görüm. (Alıb dadır.) Xala, doğrudan bu xalis sudu. Səni həqiqət aldadıblar.

N u r c a h a n (kənara). Yumurtanı sındırdım, suyu da içirdim. Bəs, başına dönüm, nainsaf oğlu mənicə aldadıbdı.

İ s k ə n d ə r b ə y. Nəvənin naxoşluğu nədi? Əgər bura gələ bilir, gətir baxım.

N u r c a h a n. Nəvəm də sənə qurban, nəvəmin nənəsi də… Sənəcə mənim bu cancığazım qurban… Şükür olsun Allaha, böyük həkim olmusan bizim kimi fəqir-füqəraya köməkliyin dəyir, bizlər də sənə duaçı olluq.

İ s k ə n d ə r b ə y. Xala, sən nə diribaş qarısan? Mənəcə nə verərsən sənə bir elə dava verim ki, norəstə cavan olasan?

N u r c a h a n. Sən mənə nə verərsən sənə bir elə qız tapam ki, şam yandırmaq lazım olmaya, üzünə baxanda günə baxan kimi gözlərin qamaşa. Gərdəni bir qarış, boyu sərv ağacı, ağ üz, qara kirpik, qara qaş, gözləri ala, ahu balası.

İ s k ə n d ə r b ə y. Qarı, deyirsən eləməzsən.

N u r c a h a n. Mən? Mən? Eh, məni hələ tanımırsan. Mənə Nurcahan deyərlər. Mənim anam ölsün, tamam vilayətin alış-verişi hamısı mənimlədir. Mən başdan-ayağa sirr dağarcığıyam.

İ s k ə n d ə r b ə y. Ay sirr dağarcığı, bəlkə mən elə külfət sahibiyəm, onda?..

N u r c a h a n. Qoca sərçəyə cib-cib öyrədirsən? Sənin nə vaxtındı külfət sahibi olasan, dünənki uşaq ola-ola.

(Dəli Şirin qapının dalından.)

Ş i r i n. Görəsən həkimbaşı evdədirmi?

N u r c a h a n. Həkim, başına dönüm, odludu, qoyma içəri girə, yoxsa xata elər.

İ s k ə n d ə r b ə y. Dəli də məriz deyilmi? Qoy gəlsin görüm dərdi nədi?.. Hər kimsən içəri gir.

N u r c a h a n. Mürəxxəs olum, başına dönüm.

(Şirin daxil olur.)

Ş i r i n. Paho, paho! Nurcahan qarı, axirətsiz! Nə tez xam yerə şikara çıxmısan?

N u r c a h a n. Qapıdan belə dur, mənim zırrama dəli ilə işim yoxdu!

Ş i r i n. Hələ dur! Dur! Yoxsa axırını elərəm… Həkim, qadan alım, verdiyiniz dava qurtarıb, amma uşaq da yaxşıdı.

İ s k ə n d ə r b ə y. Çox əcəb, artıq lazım deyil?

Ş i r i n. Bəy, mənim adım Dəli Şirindi. Tamam vilayət məni dəli hesab eləyir, mən bu saat sübut elərəm ki, mən dəli deyiləm. Ancaq ərzimə qulaq asın və sən də, Nurcahan, əlim-ayağım dəyməmiş dur yerində. (Nurcahanı qolundan tutub dartır ortalığa.)

İ s k ə n d ə r b ə y (stul üstə oturub kənara). Qəribə işə düşdüm.

Ş i r i n. Həkimbaşı, mən özümü dəli kökünə salmışam ondan ötrü ki, vilayətimizdə həqiqətdə dəli çoxdu və mən neyləyim; bazara girdin gözü qıpıq, sən də ol gözü qıpıq!

N u r c a h a n. Şirin, and olsun uşaqlarımın canına, sənə beş fətir bişirrəm, məni burax gedim.

Ş i r i n. Heç mümkün deyil. Dinməz-söyləməz dur yerində, yoxsa burnunu dişimlə qopardaram.

İ s k ə n d ə r b ə y (kənara). Yaxşı qaravəllidi, axırını görək.

Ş i r i n. Bəy, bu Nurcahan arvadı ki görürsən, şəhərimizdə beləsi hesabsız çoxdu və bunun özü tamam vilayətdə məşhur övrətdi. Əvvəli bir nazlı, gəl məni gör, dərdimdən öl gəlindi. Nə qədər cahıldı, ötənə-keçənə göz vurardı… Belədi, Nurcahan?

N u r c a h a n. Yalansa ağrım ürəyinə!.. Dəlinin sözünə inanan özü də gərək dəli ola… Mən sənə nə deyim, hər nə istəyirsən de. İt hürər, karvan keçər.

Ş i r i n. Həkim, eşitmişsinizmi ki, dəlidən doğru xəbər? Mən elə o dəlilərdənəm.

İ s k ə n d ə r b ə y. Mən ki həkiməm, səndə bir dəlilik görmürəm.

Ş i r i n. Dalına qulaq asın! Qocalanda sonra başladı əvvəl miyançılığa. Nə döyülməyi, nə söyülməyi vecinə almadı; arı yedi, namusu atdı dalına. İndi böyük məşğuliyyəti odu ki, gəzər xan evlərini, bəy evlərini, bunun sözünü ona deyər, onun sözünü buna deyər. Hər bir sözün üstə yüz min qeyrilərin bəzəyir. Xudanəkərdə bir xanım cürət eləyib buna istədiyi şeyi verməyə… Vaveyla, vamüsibəta.

N u r c a h a n. Sənin ki dədənin malını vermirlər… Saqqalına bax, saqqalına.

Ş i r i n. Nurcahan… Əvvəl ki, sən ağuçu idin, balam, sonra bu mərsiyəxanlıq nə idi?

N u r c a h a n. Həkim, başına dönüm, mənim nəvəm naxoşdu, Allahı sevirsən məni bu dəlinin əlindən qurtar gedim.

Ş i r i n. Qoy mən bəyə əhvalatın hamısını nağıl eləyim, sənə bir turp əkim tütünün başından çıxsın, ondan sonra gedə bilərsən.

N u r c a h a n. Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimiləri çox xaltalamışam, ay it!

Ş i r i n. İndi ki, belə oldu, çox yaxşı, çox əcəb… Bəy, sənə mənim canım qurban olsun, bağışlagilən sənə baş ağrısı olur, şəhərə təzə gəlmisən, bizim yerin gərək əcayib-qərayib işlərin öyrənəsən.

İ s k ə n d ə r b ə y. Əvvəldən gərək olmayaydı, çünki başlamısan, söylə görüm axırı nədi.

Ş i r i n (Nurcahana). Ay imansız qarı, sən haman Nurcahan deyilsən ki, Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşın arvadın göstərdin, nə qədər onu yedin?

N u r c a h a n. Yalançının atası dərin yatsın! Yalançının atasının qəbrində donquz bağlayım!

Ş i r i n. A imansız dılğır qarı, sən haman Nurcahan deyilsənmi ki, Şahbaz bəyi aldadıb apardın, biçarəni Qulaməli bəyin tələsində öldürdün.

N u r c a h a n. A səni görüm dizin-dizin sürünəsən! A səni yaylımı gülləyə rast gələsən! Ay tünbətün oğlu, bu sözlər nə sözlərdir ki, özündən qayırırsan?

Ş i r i n. Səni gərək ağladım, hələ harasıdı… A qarı, de görüm, sən deyildinmi təziyə yerində Hacı Tanrıverdinin arvadının ətək qızıllarının səkkizini kəsib yasavul qabağında polisxanaya gedən?

N u r c a h a n. Axırı necə oldu, a beyman! Axırda taqsırlı kim oldu, a bihəya?

Ş i r i n. Axırı necə olacaq, pristav qızılları məzdədi, səni də buraxdı.

N u r c a h a n. Yalançının evinə od düşsün! Yalançının balaları qırılsın! Yaxşımı?

Ş i r i n. Bunlar olsun yalan. İndi mənim özümün başıma gətirdiyin məğlətəni bəyə ərz eləyim; günlərin bir günündə…

N u r c a h a n. Daha bəsdir, qapıdan belə dur. Vallah, yoxsa bir oyun oynayaram tamam şəhər bura tökülər. Belə dur, cəfəng oğlu cəfəng. (İstəyir getsin.)

Ş i r i n. Ağlamasan buraxmaram.

N u r c a h a n. A bihəya oğlu, azmayınan! Məni burada yalqız görmüsən? Belə dur deyirəm sənə! (Ağlayır.)

İ s k ə n d ə r b ə y. Daha bəsdir, çıxın. İkiniz də birdən çıxın. Tez, tez! (Şirin və Nurcahan dalaşa-dalaşa gedirlər.)

İ s k ə n d ə r b ə y. Şirin dəli deyil. Dəli mənəm ki, bu hədyana indiyə kimi qulaq asırdım. Qapını döyürlər… Barı ikinci Şirin olmayaydı. (Gedir.)

Pərdə

DÖRDÜNCÜ MƏCLIS

Əhvalat vaqe olur Xırda xanımın otağında. Xırda xanım döşəkcə üstə əyləşmiş, püştə dalında.

X ı r d a x a n ı m. Bu gecə heç yatmamışam, sabaha kimi fikirdə olmuşam. İndi başım yerində durmur, guya ki, mənim deyil… Bol xəyalat eləmişəm. Bir neçə vaxt iş düzəldib toy fikrinə düşmüşəm. Sonra Pərini götürüb Səkinənin evinə qonaq getmişəm. Bir neçə vaxt iş düzəlməyib hirsimdən ağlamışam… Xülasə, çox bədxab oldum… İndi sabah açılıb, görək Allah nə istəyir. Pəri, Pəri. (Çağırır, Pəri gəlir.)

P ə r i. Nə buyurursan, xanım?

X ı r d a x a n ı m. Nurcahan bura gəlmişdi? Heç bir xəbər varmı?

P ə r i. Xeyr, gəlməyib, heç bir xəbər də yoxdu.

X ı r d a x a n ı m. Get Əbdürrəhimi bura göndər. (Pəri gedir.)

Nurcahandan çıxmayan iş!.. Gərək o tezdən gələydi. Görəsən, xudaya, görə bildimi, Dərvişin dediklərini əmələ gətirdimi? Hə-yoxluğun barı tez bileydim. Bir-iki gün də belə keçsə, məndən daha adam olmaz.

(Əbdürrəhim daxil olur.)

Ə b d ü r r ə h i m. Nə buyurursan, xanım?

X ı r d a x a n ı m. Nurcahan bura gəlmişdi? Bir xəbər varmı?

Ə b d ü r r ə h i m. Xeyr, gəlməyib və bir xəbər yoxdu. Əgər buyurursan, gedim bu saat çağırım.

X ı r d a x a n ı m. Get, gözünə dönüm, gör evdədimi? Deyinən xanım deyirdi bu saat bura gəlsin.

Ə b d ü r r ə h i m. Baş üstə. (Gedir.)

X ı r d a x a n ı m. Bilmirəm nədi ki, bu qızı Allah adama verir. Qız əvəzində bir daş olsaydı, böyük xoşbəxtlik olardı. Qızı adama ərə verib qurtaranacan ya quddus deyir. Yer üzündən kökünüz kəsiləydi, dahı məndə can qalmadı.

(Səkinə daxil olur.)

S ə k i n ə. Ana, çay gətirimmi?

X ı r d a x a n ı m. İstəmirəm, yenə ürək döyünməm artıb. Çay içsəm, yenə gərək çölə qaçam.

S ə k i n ə. Taqsır özündədi, hər bir zada hirslənirsən, axırda ürək döyünmən qalxır.

X ı r d a x a n ı m. Qoçaq, həkimliyi nə tez öyrəndin? Get, küçük, başımdan ol. Bəlkə bir xəlvət işim var, uşaqsan, büzül yat!

S ə k i n ə (gedə-gedə). Sən deyən olsun, ancaq hirslənmə.

X ı r d a x a n ı m. Bilmirəm nədəndir bu saat elə haldayam ki, istəyirəm aləmə od vuram… Özümdən narazı, gedədən, qarabaşdan narazı… Əgər bu halda kişi gələ, başında tərs dəyirman işlədərəm.

(Nurcahan daxil olur.)

N u r c a h a n. Salam əleyk.

X ı r d a x a n ı m. Əleyk salam, a Nurcahan, indiyə kimi hardaydın? Səni gözdəməkdən gözümün qarası getdi.

N u r c a h a n. Əvvəl başdan ərz eləyim, Xırda xanım, başına dönüm, belə gözlərimiz aydın olsun.

X ı r d a x a n ı m. Belə aydınlıq içində ol. İmanın kamil olsun. Nağıl elə görüm nə var.

N u r c a h a n. Mənim ki bu dilim var, Xırda xanım, onu gərək qızıla tutam. Getdim yumurtanı sındırdım, su aldım əlimə, dedim: başına dönüm bu suyu dava əvəzinə mənə bir baytal veribdir. İçdi dedi “xalacan”… Hər bir sözün başında “xalacan”… həqiqətdə sudu… O yan-bu yan. Bəs dedi mənim burada bir kəsim yoxdu, çox şad olaram ki, sənin kimi imanlıya rast gəldim. Hər nə sən desən, mən onu qəbul elərəm… Xülasə, danışığımız çox oldu.

X ı r d a x a n ı m. Evlənməkliyinin barəsində söhbət olmadı?

N u r c a h a n. Bəs mən nədən ötrü getmişdim? Özü dedi ki, bundan sonra mənə lazımdır ki, ev olam. Mən də ona dedim ki, sənə bir qız yeri bilirəm qonşuluqda. Sərv boylu, gərdəni bir qarış, qaş qara, kirpik qara.

X ı r d a x a n ı m. Gərək deyəydin ki, filankəsin qızı, atası bu, anası bu.

N u r c a h a n. Xanım, gedim balalarımın üzün görməyim, əgər bunların hamısını deməmişəmsə. O da mənə zarafatnan dedi ki, sənə bir dava verim, on beş yaşında qız olasan. Bir danışan, bir məzəli oğlandı ki, heç dünyada özünün də əvəzi yoxdu.

(Pəri daxil olur.)

P ə r i. Xanım, bu gün nahara nə hazır eləyim?

X ı r d a x a n ı m. Hər nə ki sənin keyfin istəyir… Pəri, otaqda şəlitin üstə bir yaylıq var, ört başına, onu sənə bağışladım.

P ə r i. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.)

X ı r d a x a n ı m (çağırır). Əbdürrəhim, Əbdürrəhim!

Ə b d ü r r ə h i m (daxil olur). Nə buyurursunuz?

X ı r d a x a n ı m. Taxtın altında bir cüt çəkmə var, onu və sandıqxanada bir yapıncı, onu verdim sənə.

Ə b d ü r r ə h i m. Allah Səkinə xanımı xoşbəxt eləsin. (Gedir.)

X ı r d a x a n ı m və N u r c a h a n (ikisi də birdən). Amin!.. Amin!.. Amin!..

N u r c a h a n. Xanım, başına dönüm mən bu gecə bir vaqiə görmüşəm.

X ı r d a x a n ı m. Allah xeyir eləsin…

N u r c a h a n. İnşallah xeyirdi. Gördüm ki, bir göz iştədikcən düz yerdi. Otluq, gülzar. Bu düzün ortasında bir buynuzlu maral otlayır. Hərdən-birdən başını qalxızıb o yana, bu yana baxır, amma kənardan bir üzü nurlu kişi bu marala tərəf gəlir. O adam getdi maralın yanına, maral qaçmadı. O kişi maralın başına ip salıb dalınca apardı. Mən buna çox təəccüb elədim, istədim ki, o üzü nurlu kişiyə yaxınlaşam, bu halda qulağıma azan səsi gəldi, oyandım.

X ı r d a x a n ı m. Bu elə bizim işimizdir, o şəxs də haman dərvişdi. İnşallah, maral qaçmaz.

N u r c a h a n. Xanım, başın üçün mən özüm də elə belə yozmuşam.

(Dərviş daxil olur.)

D ə r v i ş. Salam əleyküm.

X ı r d a x a n ı m və N u r c a h a n. Əleyküm salam, ağa dərviş, buyur otur.

Də r v i ş. Xanımcan, dəxi nə oturum, bu gün sübh tezdən Hacı Məhəmmədtağı və Hacı Kərim gəldilər mənim mənzilimə və mənə təklif etdilər ki, bu gecə cəm olalar mənim mənzilimə və mən onlar üçün dua yazım. Söhbət arasında mənə məlum etdilər ki, bu saat onlar gəlirlər təzə həkimin yanından. Guya İskəndər bəy onlardan çox iltimas edib ki, onlar sizin qulluğunuza gəlsinlər namzədlik üçün və onlar şal və üzük tədarükünə düşüblər… İndi, xanımcan, bildinizmi mənim dualarımın hikmətini?!

X ı r d a x a n ı m və N u r c a h a n (səcdəyə enib). Allah, sənə şükür. Allah, sənə şükür.

(Əbdürrəhman bəy daxil olur.)

Ə b d ü r r ə h m a n b ə y. Arvad, dünən sən mənim başıma nədən ötrü o müsibəti açırdın? Məgər övrətdə səbr olmaz, ağzına gələn hədyanı söylər? İndi necə oldu?

X ı r d a x a n ı m. Necə olacaq, şükür olsun Allahın dərgahına. Gözünü sil, dürüst bax gözümə… İndi bilirsənmi arvadın da qoçağı olar.

Ə b d ü r r ə h m a n b ə y. Xa! Xa! Xa! Arvad. Mənim qoçaq arvadım. Xa! Xa! Xa! Daldan atılan daş topuğa dəyər… Təklifini sevdim.

X ı r d a x a n ı m. Gördün bu qara nərin hünərini? Gərək əlimdən, ayağımdan öpəsən.

Ə b d ü r r ə h m a n b ə y. O qara nər ikicə pula dəyməz və hər nə iş tutsa özün biabır elər, necə ki dünən dedim.

X ı r d a x a n ı m. Kişi, Allahı sevərsən sən məni qorxuzursan. Nə var, tez ol, tez de görüm?

Ə b d ü r r ə h m a n b ə y. Nə olacaq? Sənin İskəndər bəyinin arvadı bu saat faytondan düşdü, yanında balaca oğlu.

X ı r d a x a n ı m. A Nurcahan, a dərviş, bu kişi nə danışır? Dəli olmusan, a kişi, nədi?

Ə b d ü r r ə h m a n b ə y. Mən niyə dəli oluram? Dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır.

X ı r d a x a n ı m. Əbdürrəhim, Pəri, Nurcahan, bu saat mənə bir xəbər, ay, ürəyim çatladı!.. Mənə bir az su! Tez! Öldüm, ay su.

Ə b d ü r r ə h i m. Xanım, doğrudur, mən özüm İskəndər bəyin gədəsini gördüm.

X ı r d a x a n ı m (Əbdürrəhimə). Vur boyunlarına bu bihəya uşaqlarının, çıxart çölə, çıxart çölə bunları… Ay, ürəyim çatladı…

Ə b d ü r r ə h i m (Nurcahanı və dərvişi çıxardır). İtilin buradan bihəya uşaqları. (Xırda xanımın ürəyi gedir.)

Ə b d ü r r ə h m a n b ə y (Xırda xanımı qucaqlamış). Özünü toxtat, yassar olma. Əbdürrəhim, su! Tez, tez ha! Ay aman su. A qız, özünü toxtat deyirəm sənə. (Səkinə və Pəri tələsik daxil olurlar, qucaqlayırlar Xırda xanımı.)

S ə k i n ə x a n ı m. Ana, sənə qurban olum, nə qayırırsan? Uy Allah, uy!..

Pərdə
1890

SONRAKI PEŞMANÇILIQ FAYDA VERMƏZ
(3 məclisdə)

ƏHLİ-MƏCLİS

S ə l m a n b ə y – təzə evlənmiş dəftərxana mirzəsi

S ə l b n a z x a n ı m – onun övrəti

S ə t t a r b ə y – onun əmisi oğlu

F a t m a x a n ı m – onun anası

Ş a m a m a x a n ı m – Səttar bəyin övrəti

Ç i ç ə k x a n ı m – onun qayınanası

K ü r d Ə l ə k b ə r – Səlman bəyin nökəri

ƏVVƏLİNCİ MƏCLİS

Əhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki.

S ə l b n a z x a n ı m. Genə çay içməmiş getdi.

F a t m a x a n ı m. Dədəmin dərdin içsin. Neyniyim içmədi, çox mənim vecimə idi!

S ə l b n a z x a n ı m (kənara). Allah, sən özün xətadan saxla, genə pis başlayıb.

F a t m a x a n ı m. Vallah, mən özüm bu saat bir haldayam ki, nəinki Səlmanı, qardaşlarımı da gözümün qabağında doğrasalar, əhvalıma təfavüt eləməz.

S ə l b n a z x a n ı m (kənara). Genə bərk tutulub, Allah sən özün xətadan saxla. (Ələkbər daxil olur, əlində samavar, çaynik üstdə, samavarı qoyur Səlbnaz xanımın yanında.)

F a t m a x a n ı m (Ələkbərə). O boynunu yerə soxduğum getdi?

Ə l ə k b ə r. Kimi buyurursan, xanım?

F a t m a x a n ı m. O adı batmış oğlum.

Ə l ə k b ə r. Bəli, getdi.

F a t m a x a n ı m. Getsin, neynək. Boynu ha yanının altında qalmayacaq, həlbət gələr. Mən bu gecə sabaha kimi can vermişəm, səsimi qonşular eşidibdi, buradanca bura bir gəlib deyən olmayıbdı ki, niyə ölürsən. (Ələkbər gedir.)

S ə l b n a z x a n ı m (kənara). Bu canım ölsün ki, başdan-ayağa yalandı, görəsən ürəyinin qurdunu tərpədən nədi?

F a t m a xanım. Deyən gərək mən nəyə gərəyəm, niyə ölüb qurtarmıram, Allahın çox əziz bəndəsi olmuşam?

S ə l b n a z x a n ı m (bir stəkan çay əlində). İsti-isti bu çayı iç, bəlkə tərliyəsən.

F a t m a x a n ı m (çayı tullayıb). Apar özün boğmalan… Mən həmişə çay içənlərdən deyiləm.

S ə l b n a z x a n ı m. İçmirsən, deyinən içmirəm, daha stəkanın taxsın nədi sındırırsan?

F a t m a x a n ı m. Sındırıram, belə bu əllərimin ortasından gəlir. Dədənin ha xarabasının qabın sındırmıram?

S ə l b n a z x a n ı m. Beş gün deyil ki, onları oğlun alıb gətirib.

F a t m a x a n ı m. Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib, sənin nə borcun?

S ə l b n a z x a n ı m. Hər kim gətirib, gətirib. Evdəcə şeydi, axı niyə sınsın?

F a t m a x a n ı m. Çox artıq danışarsan, duraram hamısını cilik-cilik elərəm.

S ə l b n a z x a n ı m. Səndən hər nə desən çıxar. Qorxuram mənim özümü də döyəsən.

F a t m a x a n ı m. Səni deyəndə sən Çingiz xanın nəvəsisən? Səni döymək olmaz? Anan sarımsaq, atan soğan, sən haradan oldun belə gülməşəkər, balam?!

S ə l b n a z x a n ı m. Çox artıq danışma, sənin də atanı tanıyırlar, mənim də.

F a t m a x a n ı m. Səndə taxsır yoxdu. Taxsır mənim o arvadağızdı oğlumdadı. Elə oğlun boyuna ip ölçüm… Mən öz əlimlə öz başıma daş salmışam, sənin ananı görə-görə, gedib səni alanda.

S ə l b n a z x a n ı m. Sən alanda başımıza tac qoymusan? Sən almazdın, həlbət bir hambal tapılardı.

F a t m a x a n ı m. Dünən bir, bu gün iki, dilinə bax dilinə… Niyə daş yağmır, Allah?

S ə l b n a z x a n ı m. Sən bu gün aşkara dava axtarırsan. Qoy, Allahı sevirsən, bu bir stəkan çayı içək.

F a t m a x a n ı m. İç, beşin iç, ağzınacan da qəndin doldur, qazananın canı çıxsın. İstəyənə də ver, qənd ver, çay ver, düyü də ver. Kimdi qabağına duran! Səlman bəyin vayın eləyim!

S ə l b n a z x a n ı m. Elə bir ovuc düyüdən ötrü ki, dünən o yazıq arvada verdim, qarnına od dolubdu. Bilməmişdik, gərək rüsxət istəyəydik, bağışlayasınız?

F a t m a x a n ı m. Uy, uy, uy! Aman, aman! Dad, balam, sənin kiminin əlindən!

S ə l b n a z x a n ı m. O bircə qardaşım ölsün ki, sən bir ovuc düyüdən ötrü bu davanı başlamısan. Azarlı sənin kimi dingildəməz. Peşman olmadım ki, bir nəlbəki düyü verdim, sən özün qoltuğuna basıb, atayın evinə aparanda mən sənə deyirəmmi ki, bu evi niyə dağıdırsan?

F a t m a x a n ı m (əllərini qalxızıb yerdə oynayır). Yarıdıq yaza çıxdıq. Bəxtəvər başımıza, bundan sonra da gərək gəlinə baş açaq, əlimizi döşümüzə qoyub izn istiyək: gəlin, bir parça çörək alıb yeyimmi? Gəlin, ağlaşmaya gedimmi? Ay yiyi! Mən səni bu dildə, bu damaqda qoya bilmərəm, qoy bircə o kafir oğlu kafir gəlsin!

S ə l b n a z x a n ı m. Gələndə çox qorxan vardı; birin deyər, ikisin deyərəm!

F a t m a x a n ı m. Dur bu saat sürün buradan, cin sifətli, cinə oxşayanın qızı!

S ə l b n a z x a n ı m. Odu, qapı açıqdı, özünüz buyura bilərsiniz. Mənim sahibim sən deyilsən. Əgər o desə, kəbinimi qoysun ovcuma, baş üstə, getmək çətin deyil.

F a t m a x a n ı m. A qız, məni öz evimdən qovursan? A bihəyanın qızı!

(Ələkbər daxil olur.)

Ə l ə k b ə r (Fatma xanıma). Xanım, günorta oldu, ət alıb gətirmişəm, nahara nə bişirim?

F a t m a x a n ı m. Dədəmin dərdin! Sürün buradan, it südü əmmiş! Gözümə elə nahar görünürdü.

Ə l ə k b ə r. Sənin çox da gözünə görünmədi. Axı ağa gələcəkdi ac-susuz, ona nə deyim?

F a t m a x a n ı m. Get boğma pişir, zəhər pişir, zəhərmar pişir, dərd, vərəm pişir, yaxşımı?..

Ə l ə k b ə r. Heyif o oğlana ki, sənin oğlundu.

F a t m a x a n ı m. Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu! Ay səni öyrədənin üstünə ildırım düşsün! Ay səni öyrədənin ciyəri dağlansın! Mənə xoruz-beçə deyirsən!

Ə l ə k b ə r. Məni öyrədib eləyən yoxdu. Sən Səlbnaz xanıma eyham atırsan. Amma imanlı ol, məni öyrədib eləyən yoxdu, doğrusu budu ki, mən dahı burada dura bilmərəm.

F a t m a x a n ı m. Səni gücnən saxlayıram, a mürtəd oğlu! Get, məlun oğlu məlun, yoxsa bağrım çatdar.

S ə l b n a z x a n ı m. Get balam, get… Görürsən nə canbaza çıxıbdı?

Ə l ə k b ə r. Getməyəndə canımı çöldən tapmamışam, hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər.

(Ələkbər gedir.)

F a t m a x a n ı m. Yaxşı deyirsən, əllərinin içindən gəlir, bacardığını müzayiqə eləmə! Əgər mən də mən ollam, bu evi tar-mar edərəm… Görək, mənə də Fatma xanım deyərlər, uzağa da qoymayacağam, bu gün, ya sabah!

S ə l b n a z x a n ı m. Belə dolanmaqdansa, elə tar-mar olmaq çox məsləhətdi.

F a t m a x a n ı m. Bir ev varmı, a səni xeyir görməyəsən ki, siz övladdan ora girə, o tar-mar olmaya? A sizin ocağınızı Allah göyə sovursun!

S ə l b n a z x a n ı m. Doğrusu budur ki, mən özüm də təngə gəlmişəm. Mən bu evə gələn heç beş ay deyil, yüz yol bu evdə qırğın olub. Bir gün olmaz ki, bu xarabada dava, canbazlıq olmasın.

F a t m a x a n ı m. Xoşuna gəlmir, qadam?.. Xoşuna gəlmir, qadam? Bəs nə oturmusan? Bir oğlum var onu da əlimdən almaq istəyirsən? O sənin turş xəyalındı, quzu?

S ə l b n a z x a n ı m. O sənin oğlun, o da sən. Allah vara əl-ayağını dürt gözünə.

F a t m a x a n ı m. A mürtədin balası, mənə nə deyirsən? Dahı bəsdi. (Çeşməyini çıxardır.) Əlim-ayağım dəyməmiş, buradan elə get olmamış kimi.

S ə l b n a z x a n ı m (çarşabını götürmüş). Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan… Eybi yoxdu, desən biiman öləsən. (Gedir.)

(Qapıda anası rast gəlir. Çiçək xanım daxil olur.)

Ç i ç ə k x a n ı m (qızına). Nə var, nə var, hara belə tələsik?

S ə l b n a z x a n ı m. Ana, sənin qardaşların qırılsın, ana, məni yanar oda saldığın yerdə. Məni nədən ötrü bu kaftarın qıynağına vermisən, canımı yığıb boğazıma… Az qalıb özümü boğam öldürəm!

F a t m a x a n ı m. A qız, Çiçək, belə şeyin var idi, balam, özcə başına yaxeydin… Məni niyə cəhənnəm oduna salırdın?

S ə l b n a z x a n ı m. Ana, o qardaşlarımın xəbəri üstümə gəlsin ki, bircə nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. Yalandan azarlayıb, bilmirsən nə qayırır.

F a t m a x a n ı m. A qız! Sənin bu ləçər qızın mənim üstümə oğurluq yıxır. Mənə deyir ki, düyünü qoltuğuna basıb aparırsan atayın evinə. Buna nə deyirsən? Məni bu ağbirçək vaxtımda oğru eləyir. Bunu Allah götürər? Belə iş harada görünüb, a sənin evini Allah yıxsın!

S ə l b n a z x a n ı m. Barı ağ birçəyindən utan, gözümün içinə yalan demə, böhtan atma, Allahdan qorx, bəndədən utan!

F a t m a x a n ı m. Çiçək, görürsən?.. Doğru deyirsən, balam, Allah qardaşını saxlasın… Mən yalançıyam, mən böhtan deyənəm.

Ç i ç ə k x a n ı m. A Fatma xanım, siz ağbirçək, dünyagörmüş arvadsınız, bu uşağa niyə qoşulursunuz?

F a t m a x a n ı m. O uşaqdı?.. O uşaqdı?.. Xeyr, bəbədi. Ayağına papış gərək, döşünə önnük!

Ç i ç ə k x a n ı m. Elə danışırsınız ki, xiyar əyri bitir də.

F a t m a x a n ı m. Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız? Sizə bir toy tutaram, aləm tamaşaya çıxar.

Ç i ç ə k x a n ı m. Gözünü sil, dürüst bax. Səni də tanıyırlar, məni də. Mən sənnən yavaş danışıram, yoxsa ayağın yer alır?

F a t m a x a n ı m. Ana-qız məni döyəcəksiz?.. Ana-qız məni evimdən qovacaqsınız?.. Yamanlıq elədim, sənin bu bihəya qızını xoşbəxt eləyib, xanım elədim?

S ə l b n a z x a n ı m. Yaxşı xoşbəxt eləmisən, üzün ağ olsun, kömür qarası kimi.

F a t m a x a n ı m. Ay heyvana oxşayan tülkü balası, ananı gördün xoruzdandın? Vallah, bu saat ikinizi də yox kimi elərəm.

Ç i ç ə k x a n ı m. O sənin xam xəyalındı. Hələ görüm oğlun nə deyir… Səni o qədər süründürüm ki, cızdağın çıxsın. Bəri gəl a qız, səni mən bir dəqiqə bu halda qoymaram, səni mən bir Fatma qayırım ki, dədənin adı yadından çıxsın. (Gedir.)

F a t m a x a n ı m. Paho, heç dahı dinməyin, dəftərxana qurulub, bizə tənbeh kəsiləcək.

Ç i ç ə k x a n ı m (başını qapıdan içəri salır). Mən bu xarabaya belə qız vermişdim? Bir dəri qalıb, bir sümük, a biiman! A səni görüm öləndə dilin lailahəilləllah tutmasın, a zəhər torbası!

F a t m a x a n ı m. Sənə bir od vuracağam, a biçarə, hələ harasıdı, qiyamətəcən dadı damağından getməsin!

Ç i ç ə k x a n ı m. Cəhənnəm köpəyinə oxşayırsan, a biiman, heç bir güzgü alıb, mürdəşir yumuş üzüvə baxırsanmı? Sənin sifətini görən sill tapar, gərək kəffarə versin.

F a t m a x a n ı m. Sürünüb getməzsən, a çarxı xoruz? İstəyirsən paya götürüm?

Ç i ç ə k x a n ı m. Sənə bilirsən nə deyirlər, a qız? Quyudan ilan qaçıran Fatma xala, tumanı cırıx, məclis gülüşü, öz-özündən xəbəri olmayan… Ala, kül başına!

S ə l b n a z x a n ı m. Bəsdir, Allahı sevirsən, gəl gedək (gedə-gedə.) Biiman, kaftar, murdar!

F a t m a x a n ı m. Gedin qabağınız qaya olsun, dalınız qırğın!

(Məclis tamam olur.)
Pərdə

İKİNCİ MƏCLİS

Fatma xanım tək, evi süpürə-süpürə.

F a t m a x a n ı m. Keçən zamana necə gözəl zamana idi… Biz dörd gəlindik evdə… Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi… Əlimiz-əlimizin üstə, üzüörtülü buracan (Döşünü göstərir.). Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi: Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar… İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr… (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da… Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.)

S ə l m a n b ə y. Bu gədə hara gedibdi bu vaxt?

F a t m a x a n ı m. Bu gecə sabaha kimi mən titrəmişəm; ölüb, ölüb, ölümlərdən qayıtmışam və indi başımı tərpədə bilmirəm.

S ə l m a n b ə y (qapıdan aşpazxanaya baxıb). Bu nə işdi, gədə evdə yox, Səlbnaz evdə yox, ocaq üstə qazan yox, od yox. Nə olubdu? Mən axı sabahdan çaysız getmişəm.

F a t m a x a n ı m. Balam, gədəni arvadın qovdu… Elə gəlini görüm ki, qudursun, çiyinlərin yesin. Mən də ki, görürsən, ağzı üstə qalmışam, tərpənə bilmirəm.

S ə l m a n b ə y. Axı nə səbəbə Səlbnaz gədəni qovdu? Gədə ilə Səlbnazın nə işi var? Nə alış-verişi var idi?

F a t m a x a n ı m. Məni artıq danışdırma, görürsən ki, ölürəm, məndə o hal hanı ki, sənə cavab verim?

S ə l m a n b ə y. Mən də axı bu evin hambalıyam… Saat dördün yarısıdı, yemək istəyirəm, barı heç olmasa deyin görüm Səlbnaz hansı cəhənnəmə getdi?

F a t m a x a n ı m. Belə anası gəldi, tutdu qolundan, götürdü getdi… Az qalmışdı məni də burada döyələr. Yəqin gördülər ki, məndə o hal yoxdu, getdilər, Allah atalarına rəhmət eləsin.

S ə l m a n b ə y. Genə başa düşə bilmədim, axı səbəb nə oldu?

F a t m a x a n ı m. Səbəb nə olacaq? Qudurğanlıq. Onların görüm cəmdəklərinə qurd düşsün.

S ə l m a n b ə y. Belə zülm heç bir millətdə görünməyib ki, siz mənə eləyirsiniz. Belə zülmü Allah da götürməz, bəndəyə də xoş gəlməz… Tutalım mən elə bir dilsiz, ağızsız heyvanam. Məgər heyvana adamın yazığı gəlməz?.. Nainsaflıq buracan? Gecə-gündüz sizin qalmaqalınıza dözürəm, fəhləlikdən əl çəkmirəm. Allah bir parça çörək veribdi, onu da qoymursunuz heç olmasa bircə gün vədəsində adam kimi yesin. Vallah, billah, tallah, təngə gəlmişəm, axırı peşman olacaqsınız! Məgər arvad tayfasında ləfzi-insaf, mürvət olmaz?

F a t m a x a n ı m. Bu sözləri mənə niyə deyirsən? Əgər sən yaxşı kişi olsaydın, işlər belə olmazdı.

S ə l m a n b ə y. Əgər mən sən deyən kişilərdən olsaydım, iki kötək ona vurardım, biri də gərək… Nə eləyim, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal.

F a t m a x a n ı m. Mən səndən elə onu istəyirəm ki, bir yumruq ona vuranda beşini mənə vur, mən incimərəm.

S ə l m a n b ə y. Bəli, elə o qalıb ki, gündə piyabazlıq olsun. Ömür çox xoş keçər. Axı genə mən bilmədim nədən ötrü anası Səlbnazı apardı?

F a t m a x a n ı m. Nə eləyim, anası gəlmişdi bura, yolu qara gəlmiş. Mən dedim ki, a qız, akuşkanın ağzından belə dur, gəlib-gedən var, mənim acığıma akuşkanı açıb oturdu üstə. Bunun üstə dalaşdılar, getdilər.

(Çiçək xanım və Səlbnaz xanım daxil olurlar.)

S ə l m a n b ə y (kənara). Bəli, bircə Çiçək xanım əksiydi.

Ç i ç ə k x a n ı m (Səlbnaz xanımın qolundan tutub). Bircə, qadam, buyur görüm, bu yetimin sahibi sənsən, yoxsa bunun yüz darğası var?

S ə l m a n b ə y. Mənəm!.. Sonra?

Ç i ç ə k x a n ı m. Əgər bunun sahibi sənsən, bu evdən niyə qovurlar?.. Bu bədbəxtin qızı niyə bu günə düşübdü? Bir dərisi qalıb, bir sümüyü.

S ə l m a n b ə y. Səlbnaz, belə dur, bircə mənə de görüm bu nə işdi?

S ə l b n a z x a n ı m. Vallah, billah, qardaşlarım ölsün ki, heç zad. Sən gedəndən sonra Fatma xanıma çay verdim, stəkanı vurdu yerə, sındırdı; deyir mən bu gecə ölürdüm, mənə baxan olmadı.

F a t m a x a n ı m. Gör, ləçərin yalanına bax, a qız, sən deyildin mənim atamı-anamı qəbirdən çıxardan?

S ə l b n a z x a n ı m. Mən bu cavan canımdan xeyir görməyim, balam, əgər mən ona artıq-əskik söz demişəmsə.

S ə l m a n b ə y. Gədəni kim qovdu?

S ə l b n a z x a n ı m. Özü… Gədə gəldi ki, xanım, nahara nə qayırım? Dedi ki, zəhər, zəhirmar! Get də, kafir oğlu, yoxsa bağrım çatdar.

F a t m a x a n ı m. A qız, sən öyrətmədin gədəni ki, mənə xoruzbeçə desin, a səni görüm dilik-dilik olasan?!

Ç i ç ə k x a n ı m. Dilik-dilik özün olasan, tamam övlad əcdad-bəəcdadın olsun! Bu yetim yazıq deyil!

F a t m a x a n ı m. Səlman, eşidirsənmi, a binamus? Mənim axır qazancım budurmu?

S ə l m a n b ə y. Arvadın dilini Allah da bilməz, genə işlərin başı sənsən.

F a t m a x a n ı m. Mənmi, mənmi? Odu ki, yıxmısan mənim də evimi, öz evini də a biçarə! Bircə bu Çiçək xanımdan soruş görək, mənim təqsirim nə idi ki, basdılar məni döydülər, sənin ananı? Səni mən doğmuşam, a südüm gözünə dursun!

Ç i ç ə k x a n ı m. Səni, balam, Əzrayıl döysün. Fatma xala, səni döymək olu?

S ə l m a n b ə y. Sənin özün də heç Fatma xaladan geri qalmazsan, qorxma.

Ç i ç ə k x a n ı m. İndi, qadam, Allah sizdən razı olsun. Çünki belədi, bizi rədd elə gedək.

F a t m a x a n ı m. Siz gedəndə dağlar qara geyəcək? Oy, amandı, getməyin, yoxsa dünya bərbad olu…

S ə l b n a z x a n ı m. Mən daş daşımağa razıyam, sən ilə bir dəqiqə oturmağa razı deyiləm.

F a t m a x a n ı m. Sizin xahişiniz mənim əlimdən oğlumu almaqdı, o sizin xam xəyalınızdı.

Ç i ç ə k x a n ı m. Bu sənin oğlun, o da sən! Allah vara əl-ayağını dürt gözünə.

F a t m a x a n ı m. Səlman, eşidirsənmi?.. Allah, mənim Səlman adlı oğlum ölsün, oğulsuz qalım!..

S ə l b n a z x a n ı m. Mən səndən bircə belə də narazı deyiləm, Allah səndən razı olsun. Məni çevir öz başına, itiyin başına, ya məni rədd elə gedim, ya da ki, mən bu tövr dolana bilmərəm… Dava bir gün olu, iki gün olu, beş gün olu, ayların qırğınına dözmək olmaz; daha mən az qalıbdı sill azarına düşüm.

S ə l m a n b ə y. Sənin dərdin bir isə, balam, mənim dərdimin hesabı yoxdu; nə eləyim, qalmışam naçar.

F a t m a x a n ı m. Görünür ki, mənəm sizin bədbəxtliyinizə səbəb. Neynək, mən gedərəm, sən ol, Səlbnaz xanım olsun. Çiçək xanım ələlxüsus… Burada mırt vurun! (Oynayır.) Oğluma bax, oğluma! Allah, yarıdıq yaza çıxdıq. Sənin kimi oğlun əvəzində bir kor qız çox yaxşıdı!

S ə l m a n b ə y. Bayaqdan başını tərpədə bilmirdin, indi ləzgihəngi vurursan! Mən də gərək ac-susuz bu hədyana qulaq asam.

F a t m a x a n ı m. Sən kişi deyilsən, belə sənə bu da azdı. Başına hamam fitəsi sənin kimi kişinin!

Ç i ç ə k x a n ı m. A qız, dediyin nədi, balam? Hələ bizə bu azdı, istəyirsən ki, burada döyülək, gedək? Gör biiman nə danışır, a başınıza dönüm!

F a t m a x a n ı m. Biiman sənsən, atandı, anandı, cəddi babandı! Cürətinə bax, cürətinə! (Səlmana) Sənin kimi oğulun paltarın töküm, üstə şaxseyin təpim, şamını, şaxını qara boyuyum.

S ə l b n a z x a n ı m. Bu ölsün, sən qal qurdnan qiyamətə. Sənsiz ölkə dolanmaz. Gör dilinə nə tövr gəlir kaftarın.

F a t m a x a n ı m (qalxır ayağa). Dəxi bəsdi!.. Səlman, bu saat bıçağı soxaram ürəyimin başına, özümü öldürrəm! Mən Fatma olam, axırı mənim başıma sən bu müsibəti gətirəsən? Sərikin burdan, sərikin burdan, mirqdanın balaları!.. Bu saat hirsimdən para-para ollam, dağıllam!

S ə l b n a z x a n ı m. Ana, sənə qurban olum, gedək, gedək. Yoxsa bu saat it kimi qudurar.

S ə l m a n b ə y. Bu ev cin-şəyatin ocağıdı, baş götürüb gedən canı qurtarı. (Tez çıxır.)

F a t m a x a n ı m (süpürgəni götürüb). Sizə demirəm gedin? Sizə demirəm gedin, a ev dağıdanlar? (Süpürgə ilə vurur, gedirlər.)

Pərdə

ÜÇÜNCÜ MƏCLİS

S ə l m a n b ə y (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar… Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana… İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu… (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.)

Ş a m a m a x a n ı m (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.)

S ə l m a n b ə y. Nə qayırırsan? Nə qayırırsan? Ağlama, ayağa dur, görüm nə var?

(Şamama durur.)

S ə t t a r b ə y. Əmi oğlu, bağışla, gəlmişik sənə zəhmət verməyə, adamımız yoxdu dərdi ona açaq… İkimiz də səndən təvəqqe edirik bizim tərəfimizdən vəkil olub, bunun kəbinin geri oxudasan, çünki dolana bilmirik.

Ş a m a m a x a n ı m. Bizi rədd elə, ayaqlarına qurban olum. Elə bil ki, bir əsir qul azad elədin.

S ə l m a n b ə y (kənara). Həmdərdlərim tapılıb.

S ə t t a r b ə y. Bu gün bazar günüdür, bilirəm asudəsən. Elə olsun ki, bu gün tamam olsun.

S ə l m a n b ə y. Balam, sizə nə olubdu, dəli olmamısınız ki? Camaat nə deyər? Əstəğfürullah eləyin, gedin işinizin dalıncan, bəs o biçarə tifillər necə olacaqlar?

Ş a m a m a x a n ı m. Mən bunun evində oldum-olmadım, tifillərdən ötrü hamısı birdi. Çünki, qardaş, qoymurlar bir gün rahat evimizdə oturaq.

S ə l m a n b ə y. Sizin ki, qayınananız yoxdu, kimdi sizi incidən?

Ş a m a m a x a n ı m. Belə bu bəyin bacıları! Gündə biri gəlir, ana, bizim qardaşımızı lüt qoydun, ana, bu evi niyə dağıdırsan?.. Ləçər, ona-buna yedirdiyin bir deyil, iki deyil. Başına dönüm, hansına cavab verim? Mənim sahibim də onlara dinə bilmir.

S ə t t a r b ə y. Qardaş, doğrusu budu ki, bir onlar deyəndə, beşini bu deyir… Ondan sonra peşman oluram. Evə gəlirəm, tutur mənim yaxamdan, ata qalmır, ana qalmır, yalvarırsan səsin kəsmir, döyürsən dəxi hədyan eləyir. Bacılarım bihəyadı, şək yox… Bu onlardan bir az artıq. Qardaş, doğrusu ki, təngə gəlmişəm. Deyəsən ki, bir gün, bir saat, ya bir dəqiqə məndə rahatlıq var, əstəğfürullah!

Ş a m a m a x a n ı m. Onların hərəsinin öz evi var, getsinlər öz evlərində darğalıq eləsinlər, dəxi məndən nə istəyirlər?

S ə t t a r b ə y. Buna məsləhət görürlər ki, bacım, ağ günün qara günü də var… Olub-qalanını dağıtma… Bu gör necə höcətdir ki, onların acığına qızıllarını satıb, daha da artıq tələfxərclik edir.

Ş a m a m a x a n ı m. Satanda sənin malını satmıram. Öz atamın evindən gətirdiyim şeydi, nə billəm, elə elərəm.

S ə l m a n b ə y. Xeyr, bu işlər nahaqdır, sənin oldu, bunun oldu, hamısı birdir, höcətlik bir zad deyil.

Ş a m a m a x a n ı m. Doğrusu budur ki, bunun bacıları mənə iynə batıranda, mən buna şiş batıracağam. Kefinə baxsın. Onlar o qədər pis-pis sözlər mənim haqqımda deyiblər ki, mən ölənəcən onlarnan varam.

S ə t t a r b ə y. Bunlar hamısı nahaq danışıqdı. Dahı danışıqdan keçibdi. Mənim ki, atama, anama gündə min kərə üzümə qarşı söyəcək, mən doğrusu buna dəxi dözə bilmirəm. Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir yerdə dilinə yiyəlik eləmir.

S ə l m a n b ə y. Bizim evin əhvalatın sən haradan bilirsən?

S ə t t a r b ə y. Heç, rəhmətliyin oğlu, tamam bazar danışır. Fatma xanım, deyib, ağlaşmada öz gününə ağlayıb. Sən nə danışırsan? Əlavə, Fatma xala ilə Çiçək xanım küçədə saç-birçək dalaşıblar, camaat yığılıb gücnən ayırıblar.

S ə l m a n b ə y. Balam, sən də mən günlü, mən də sən günlü, sabah ertə həmdərdlilər cəmləşib.

Ş a m a m a x a n ı m. Səlman bəy, atam, anam sənə qurban! Gün günorta oldu, əgər zəhməti qəbul eləyirsən, durmaq yeri deyil.

S ə l m a n b ə y (Səttar bəyi kənara çəkir). Ölmək ölməkdi, xırıldamaq dahı nə lazım?.. Əkilək.

S ə t t a r b ə y. Sən öl, bu saat hazıram.

S ə l m a n b ə y. Ya Əli, mədəd – deyib dabanımıza tüpürək, hər nə ola, ola.

S ə t t a r b ə y. Hara?

S ə l m a n b ə y. Tanrı böyük, altı gen.

S ə t t a r b ə y. Əl ver.

S ə l m a n b ə y. Buyur.

Ş a m a m a x a n ı m. Əgər siz istəmirsiz, mən bu saat özüm gedim qazıxanaya.

S ə l m a n b ə y. Bu saat gedirik sizin işinizi tamam etməyə, arxayın olun. (O biri otaqdan bir yapıncı çıxardıb bürünüb tələsik çıxırlar.)

S ə t t a r b ə y (qapını daldan bağlayıb). Şamama xanım, gözün aydın olsun, gedirik, axtarsanız bizi taparsınız Sibirdə, Sibirdə Sibirdə… (Şamama xanım yüyürüb istəyir qapını açsın, aça bilməyir.)

Ş a m a m a x a n ı m. Səttar, Səttar, bircə geri qayıt! Səttar, aman günüdür, Səttar!.. Səttar, getmə. Səttar, balalarını kimə tapşırıb gedirsən? Səttar, qurbanın olum, getmə, qələt eləmişəm… (Geri qayıdır) Allah, bu nə işdi mən düşdüm, öz əlimlə öz evimi tar-mar elədim. Mən o iki tifilləri nə tövr saxlayacağam? (Ağlayıb yıxılır.)

(Fatma xanım daxil olur.)

F a t m a x a n ı m (baxıb). Şamama, niyə belə eyləyirsən?.. Şamama! Şamama! (Tez su gətirir.)

Ş a m a m a x a n ı m (ayılıb). Getdilər, getdilər.

F a t m a x a n ı m. Bircə özünü düzəlt, ala su iç… Genə… genə.

Ş a m a m a x a n ı m. Getdilər, getdilər.

F a t m a x a n ı m. Kim, getdilər?

Ş a m a m a x a n ı m. Getdilər, getdilər. Aman Allah, getdilər, su, su, su! (Fatma xanım su verir.)

F a t m a x a n ı m. Yasar olma, özünü düzəlt!

Ş a m a m a x a n ı m. Səlman, Səttar…

F a t m a x a n ı m. Səlman, Səttar getdilər? (Şamama işarə ilə deyir “bəli”.)

F a t m a x a n ı m. A qız, məni qorxutma, bircə ağıllı de görüm nə oldu?

Ş a m a m a x a n ı m. Səlman, Səttar qaçdılar Sibirə.

F a t m a x a n ı m. Ha vaxt getdilər, başına dönüm?

Ş a m a m a x a n ı m. Elə bu saat.

F a t m a x a n ı m. Vay, evim yıxıldı. (Yıxılır.)

(Çiçək xanım və Səlbnaz xanım daxil olurlar.)

Ç i ç ə k x a n ı m. Bu nədi, Şamama xanım, niyə ağlayırsan?

Ş a m a m a x a n ı m. Evim yıxılıb, başına dönüm, evim tar-mar olub, qurbanın olum!

Ç i ç ə k x a n ı m. Nə olubdu, bircə özünü toxtat, de görüm nə olub?

Ş a m a m a x a n ı m. Səlman, Səttar qaçdılar Sibirə…

(Səlbnaz xanım oturur, əlləri ilə üzünü örtür.)

Ç i ç ə k x a n ı m. A Fatma xanım, dincəldinmi? Nasın, pasın yatdımı?

F a t m a x a n ı m. Sənin qızın bu evə gələn günə daş düşəydi!

S ə l b n a z x a n ı m. Ana, durmaq yeri deyil, qaçaq divan qapısına.

(Şamama, Çiçək xanım və Səlbnaz tez çıxırlar.)

Ç i ç ə k x a n ı m. Gəlin, yazıq balalarım.

F a t m a x a n ı m. Yüyürün, başınıza dönüm, yüyürün, ayaqlarınıza qurban olum… Vay, vay, oğulsuz qalan canım vay…

Pərdə
1890

ADI VAR, ÖZÜ YOX
(Komediya)

ƏHLİ-MƏCLİS

C ə n n ə t ə l i a ğ a – böyük mülkədar, əlli iki yaşında, qırmızı saqqal

X a n p ə r v ə r b ə y i m – onun tənumənd övrəti, qırx yaşında

H e y d ə r q u l u a ğ a – onların oğlu, on səkkiz yaşında

P ü s t ə b a n u b ə y i m – on dörd yaşında, onların qızı

A l l a h q u l u –ev nökərləri

Ş a h q u l u

S ə f i q u l u

G ü l ə n d a m – ev qulluqçuları

T e l l i

M i r z ə Əsgər

U s t a M ə h ə m m ə d ə l i – bənna

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i – yalançı, gopçu, Cənnətəli ağanın rəiyyətlərindən biri

ƏVVƏLİNCİ MƏCLİS

Vaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır.

C ə n n ə t ə l i a ğ a (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı… İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı.

M i r z ə Ə s g ə r. Ağa! Niyə Hacı Mehdidən götürmürsünüz? Onun ki yaxşı əla hənası var, o gün mən də almışdım.

C ə n n ə t ə l i a ğ a. Yalansa, onun getdiyi həcc ona qənim olsun. O, elə yalandan, tülkü-tülkü danışmağı bilir.

X a n p ə r v ə r b ə y i m. Allah töksün sənin saqqalını!.. O da bizə bir qəhr-qəzəb olub… Vallah, dəxi qulluqçular da təngə gəlib.

C ə n n ə t ə l i a ğ a. Vallah, çox acığımı tutdurarsan, atamın ərvahına, dəlləyi çağırdıb dibindən qırxdırram.

X a n p ə r v ə r b ə y i m. Gözəl ağa çox gözəldi, vurdu çiçək çıxartdı. Otur yerində. Allahı sevirsən, özünü rüsvay eləmə, görən gülsün…

C ə n n ə t ə l i a ğ a. Mənə də Cənnətəli ağa deyərlər… Mənim Araz aşığımdandır, Kür topuğumdan… Hər kim nə deyəcəksə, qoy desin… Mən elə sözləri ürəyimə salsaydım, çoxdan sümüyüm çürümüşdü.

M i r z ə Ə s g ə r. Xeyr, ağa, yaxşı iş deyil… Nə lazım?.. Saqqal deyəndə, kişinin abrusudur və üzünün nurudur…

C ə n n ə t ə l i a ğ a. Dünya beş gündür, beşi də qara… Vallah, Xanpərvərin acığına saqqalımı qırxdırıb bir göyçək də qız alacağam: topuğu tüklü, on dörd yaşında… xa, xa, xa…

X a n p ə r v ə r b ə y i m. Çox əcəb olur, biz də toyunda oynarıq… Allahqulu, bir qəlyan gətir… Ağa yenə eşqə düşüb… Ağzında bir dişi yox, məndən beş-betər… Ağrım o qızın ürəyinə ki, sənin kimi dişi düşüyə gedər. (Allahqulu gedir qəlyan gətirməyə.)

C ə n n ə t ə l i a ğ a. Ağzımda dişim yoxsa da, at belinə minib quş ovlayanda gəl tamaşa elə də!.. Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə, tərlan boylarında elə bil ki, bir laçın oğlan oluram… Tərlan kəkliyi qovur, atı üzəngiləyirsən, Pəh! Pəh! Pəh! Ləzzət, nə ləzzət!

M i r z ə Ə s g ə r. Bəli, deyirlər ov çox şirin olur.

C ə n n ə t ə l i a ğ a. Ancaq atın saz ola, tulaların cins, əlində tərlan… Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan verəsən. Ələlxüsus “Kaşdan”, “Mundir”. Əvəzləri yoxdur… Atamın ərvahına, birin yüz manata vermərəm.

X a n p ə r v ə r b ə y i m. Allah qırsın, yalan isə onları… Evdə, eşikdə istirahət qoymurlar. Hər yeri murdarlayırlar.

C ə n n ə t ə l i a ğ a. Zər qədrin zərgər bilər. Sən nə bilirsən onların qədr-qiymətini. (Güləndam əlində bir cam, Allahqulu əlində qəlyan daxil olurlar. Allahqulu əvvəl qəlyanı özü çəkir, tüstüsünü çıxardır, sonra dizi üstə çöküb, verir Xanpərvər bəyimə.)

G ü l ə n d a m. Ağa, həna hazırdır. Əgər istəyirsən, yaxım saqqaluva.

C ə n n ə t ə l i a ğ a. Yaxşı olar, ay qız, gətir görək.

X a n p ə r v ə r b ə y i m. Ay başınıza dönüm, görün heç bu vaxt həna vaxtıdırmı? Apar, ay qız, dəli olmamısan ha. Görmürsən Mirzə oturubdur?

C ə n n ə t ə l i a ğ a. Mirzə özgəsi deyil… İndi yaxanda nə olar. Bəri gətir, ay qız, onun sözünə qulaq asma.

M i r z ə Ə s g ə r. Əlbəttə, mən də sizin nökərlərin birisiyəm… Yad deyiləm. (Allahqulu qəlyanı alıb, tüstüsünü çıxardıb, bir də haman qərar ilə verir.)

X a n p ə r v ə r b ə y i m. A kişi, bəlkə bir yad qonaq gəldi, onda necə olsun?..

C ə n n ə t ə l i a ğ a. Necə olacaq? Məni də ha yeməyəcəkdir? Gəlir, gəlsin, otursun orada, tamaşa eləsin saqqalıma necə həna qoydururam. Qiyamət ha qopmur, adam ha öldürmürəm?

X a n p ə r v ə r b ə y i m (kənara). Ağrım sənin höcət ürəyinə! (Allahqulu qəlyanı aparıb, yenə gəlir.)

(Güləndam dizi üstə oturub, başlayır həna qoymağa.)

C ə n n ə t ə l i a ğ a. Ay qız, nə qayırırsan? Ay qancıq, saqqalımı tamam yoldun.

X a n p ə r v ə r b ə y i m. Elə yerində yolur… Ay qız, yaxşı eləyirsən, dibindən qopart.

G ü l ə n d a m (Bəyimə). Neyləyim? Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb, barmaqlarım ilişir. Mən başıma nə kül töküm?

C ə n n ə t ə l i a ğ a. Yavaş, yavaş! Qəsdənmi yolursan saqqalımı, qancıq, sözbir eləyib?

G ü l ə n d a m (kənara). Dişim bağırsağımı qırır, cana doymuşam, mürdəşir yusun saqqaluvu!

X a n p ə r v ə r b ə y i m. Sən atanın goru qırxdır saqqalını, bir topuğu tüklü də qız al, rədd ol başımızdan. Dəxi biz təng gəldik.

S ə f i q u l u (daxil olub hövlnak). Ağa, başına dönüm, bir böyük bədbəxtlik üz veribdir axı!..

C ə n n ə t ə l i a ğ a. Ay qız, dayan görüm! Nədir, ay gədə, nə olub?

S ə f i q u l u. Nə bilim, ay başına dönüm… Qara köpək, quduz dəymiş, o axdarma motalı yeyib, lap tərk eləyibdir. Bizim də xəbərimiz olmayıb.

C ə n n ə t ə l i a ğ a. Belə quduz dəysin ona ha… Sizin də boynunuz sınsın ha… Sizi yox olasız!

S ə f i q u l u. Qapını açıq qoyublar. Açıq qaba da it dəyər. Nə bilim, ay başuna dönüm, işdir olubdur.

C ə n n ə t ə l i a ğ a. Qoy bir həna qurtarsın… Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir tələsmə.

S ə f i q u l u. Sənin çörəyin gözümə dursun ki, mən qapını örtmüşdüm, sonra bilməyib açıblar. İndi mən neyləyim, ağa, başına dönüm? Qəza işidir, olubdur.

C ə n n ə t ə l i a ğ a. Necə qəza işidir? Vələdüzzina, xətakun!

S ə f i q u l u. Motal yenə yola gedər. Quduz dəymiş iki dəri yağı da elə yeyib ki, bir xəşillik ancaq qalıbdır.

C ə n n ə t ə l i a ğ a. Bəs bu nədəndir, vələdüzzina? Bu da qəzadandır?

S ə f i q u l u. Ağa, bəs nədəndir? Əlbət olacağa çarə yoxdur…

C ə n n ə t ə l i a ğ a. Belə olanda qara köpək məni də yesə, o da olacaqdır qəzadan? Kafir oğlu kafir!

S ə f i q u l u. Mən neyləyim, mən başıma nə daş salım, başına dönüm?.. Bir belə ziyanlığı görəndə vallah istədim o saat qara köpəyi tüfənginən vurum öldürüm.

C ə n n ə t ə l i a ğ a. Qara köpəyi sənin kimi yüz nökərə vermərəm, çölə çıx axmaq. Bir durum, gör sənin başına nə iş gətirəcəyəm, ölənəcən dadı damağından getməsin.

S ə f i q u l u (gedə-gedə). Ev ev deyil ki! Mən başıma nə kül töküm?..

C ə n n ə t ə l i a ğ a. Mirzə, ölmüşünü görüm, bu evdə üç-dörd qulluqçu var, beş-altı nökər, amma onunla belə genə bir belə binizam ev heç olmaz.

X a n p ə r v ə r b ə y i m. Allahqulu! Bir qəlyan gətir. Bilirsən ona səbəb nədir? Ona səbəb odur ki, külfət böyükdür… Bax, bir arvad qənd doğrayır, birisi ev süpürür, birisi də qab-qaşığı yuyur, paltar yuyur, o biri də sənin saqqalına gündə, günaşırı həna qoyur, evi yığışdırır, nökərlər də onu kimi.

M i r z ə Ə s g ə r. Bəyim doğru deyir. Sizin evin büsatı heç yerdə yoxdur. Mən belə evlər bilirəm ki, sabahdan bir qoyun kəsiblər, axşama bir tikə əti də qalmayıbdır.

C ə n n ə t ə li a ğ a. Mirzə, görəsən şəriətə görə o qalan yağı yemək olarmı?

M i r z ə Ə s g ə r. Xeyr, ağa, yemək olmaz. Çünki it özü murdardır və həm də ağzı nəcasata dəyir, ona görə yağı işlətmək caiz deyil.

C ə n n ə t ə l i a ğ a. Baxırsanmı? Ha sizin boynunuz sınsın!.. Ay sizi yerə girəsiz! Bir naxır nökərin birisinin ağlına gəlmir ki, qapını açıq qoymaq olmaz. Qapıda yeddi-səkkiz it var… Belə də ziyanlıq olarmı? Xanpərvər bəyim də əlin ağdan-qaraya vurmur. Deyir gərək müdam yeddi qat üstən tərpənmiyəm.

X a n p ə r v ə r b ə y i m. Bıy, bu nə deyir, ay qız? Elə o qalmışdı… Mənim atam evində, babam evində belə işlərə bizlərdən qarışan olubdur ki, indi mən də qarışım… Nə danışırsan, dəli ha olmamısan, ay kişi?

Ş a h q u l u (daxil olub). Ay başınıza dönüm, mənim taxsırım nədir ki, Heydərqulu ağa məni bu günə salıbdır?

C ə n n ə t ə l i a ğ a. Sən nə deyirsən, ay gədə, dəxi nə var?

Ş a h q u l u. Nə deyəcəyəm? Heydərqulu ağa başıma bir yumruq vurdu ki, budur ha başım şişib, qarpıza dönübdür!..

C ə n n ə t ə l i a ğ a. Nə ilən vurdu, ay gədə?

Ş a h q u l u. Yumruq ilən.

C ə n n ə t ə l i a ğ a. Maşallah de, ay gədə! Maşallah! Ot kökü üstə bitər. Mən ölüm, namxuda deyin, namxuda! Ay gədə, elə bircə yumruq vurdu?

Ş a h q u l u. Gədənin atasının evini Allah yıxsın. Birini vurmayanda beşin ha vurmadı!

X a n p ə r v ə r b ə y i m. Mirzə, sənin canına, Heydərquluda pələng gücü var… Bir belə zad heç görünməyibdir.

M i r z ə Ə s g ə r. Ağa! Barı oxumağı necədir? Bu zamanda oxumaq çox yaxşı şeydir.

C ə n n ə t ə l i a ğ a. Sənin canın üçün, Mirzə, nə qədər əlləşdim, oxumadı… Əvvəl qoydum məktəbxanaya, üç gündən sonra qaçdı, dedi ki, oxumaram… Dinmədim… Ondan qoydum uşkola. (Güləndama) Ay qız qurtardın? Di dur, buradan rədd ol! (Güləndam gedir.) Özüm getdim direxturun yanına, hələ bir at da vədə elədim… Oxumadı. Bir həftədən sonra qaçdı getdi qırğı ovlamağa. Xülasə, çox zəhmət çəkdim, amma çifayda oxumadı. (Allahqulu qəlyanı gətirib haman qərar ilə verir.)

X a n p ə r v ə r b ə y i m. Cancığazı sağ olsun, oxumaq niyə gərəkdir? O qədər mülk onun var, babasına bəsdir.

M i r z ə Ə s g ə r. Bəli, bəyim, doğru buyurursuz! Odur, bax, Əhməd yüzbaşının oğlu… Saf içəridə oxuyub qurtarıbdır; amma çifayda bir zad vermirlər, bikar-bikar gəzir.

Ş a h q u l u. Mənə bir deyən gərək sən niyə burada durmusan, barı get başına təpitmə qoy…

C ə n n ə t ə l i a ğ a. Səni nə üstə vurdu, ay gədə?

Ş a h q u l u. Dedi ki, gərək qara köpəyin ağzını yalayasan, o quduz dəymiş də yanına gedəndə mır-mır mırıldayır…

C ə n n ə t ə l i a ğ a. Xa, xa, xa!.. Xalis öz dədəsidir ki, durubdur… Mən özüm də çox elə pəstahlar kök eləmişəm. Allah qoysa, Mirzə, bir gün sənə nağıl elərəm. Bir kağız gətirənin kağızını necə özünə çeynətdirib uddurtdum. Getsin xəbər aparsın. Gülməkdən qəşş elərsən… Görək bir az kağız tapılarmı saqqalıma qoyum?

X a n p ə r v ə r b ə y i m. Yazı bilənimiz kimdir ki, evdə də kağız ola? (Cənnətəli ağa saqqalın kağızlayır, bu halda qapıda qaval səsi gəlir.)

C ə n n ə t ə l i a ğ a. Saqqala qoz yarpağı yaxşı olur.

S ə f i q u l u (daxil olur). Ağa, meymun oynadan gəlibdir. (Əhli məclis tamaşa üçün dururlar qapıya və pəncərələrə.)

M e y m u n o y n a d a n. Bala, bala, balambar… (Qaval vurulur, meymun oynayır.)

C ə n n ə t ə l i a ğ a. Ha bərəkallah! Ha bərəkallah! Odu ha, odu! Xa, xa, xa! Odu ha, odu! Xa, xa, xa.

Pərdə

İKİNCİ MƏCLİS

Vaqe olur həmin otaqda. Allahqulu, Şahqulu ayaq üstə söhbət edirlər.

Ş a h q u l u. Allahqulu dayı, sən öləsən, meyitini görüm, qara köpək dərinin üstündən azacıq yırtmışdı, yağı elə xakriz elədik ki, kefin gələ… İndi Şahqulu, vur ki, bacının toyudur. Düyü əldə, yağ əldə, ağaları ver yuxuya, döşən pilov üstə…

A l l a h q u l u. Bu evdə it yiyəsini tanımır, nə vecinizə, kef aparın, Allah sizə baxıbdır.

Ş a h q u l u. Allahqulu dayı, mən ölüm acığın tutmasın, sənin özünün kefi heç padşahda da yoxdur. Xanpərvər bəyimin sənə o qədər şəfaəti var, demək olar, sən süd gölündə üzürsən.

A l l a h q u l u. Nə yava söyləyirsən, ay gədə? Başına at təpibdir, nədir? Heç qanırsanmı nə deyirsən? Bir elə qələt elə ki, atan-baban duzun dadmış olalar.

Ş a h q u l u. Sən öləsən, meyitini görüm, Allahqulu dayı, heç o yan-bu yan eləmə. Bax, bu gözlərimlə görmüşəm… Amma, sən öləsən, heç kimə demərəm.

A l l a h q u l u. Sarsaq oğlu sarsaq, nə danışırsan? Ağzını qulağının dibinəcən cıraram, axmaq oğlu axmaq!..

Ş a h q u l u. Meyitini görüm, mən heç sarsaq deyiləm… Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan?

A l l a h q u l u. Veyil oğlu veyil! Mən də deyirəm bəs nə deyir… Belə qəlyan istəyir, qəlyan aparıram. Deyir ayağımı ov, ayağını ovuram… Deyir quluncumu sındır, quluncun sındırıram. Bundan nə çıxar?

Ş a h q u l u. Allah atana rəhmət eləsin! Dəxi bundan artıq nə istəyirsən?..

A l l a h q u l u. Gələn var, ay gədə, səsini kəs. Allahı sevirsən bizi nahaq qana çalxama! (Səfiqulu qaçaraq otağa daxil olur, dalınca da Güləndam ona bir bərk yumruq vurur.)

G ü l ə n d a m. Ay mürtəd oğlu mürtəd! Adamı da elə çimdiklərlərmi? Yandım töküldüm, ətim kömür kimi qaralıbdır.

Ş a h q u l u. Ay Səfiqulu dayı! Doğru deyir dayna! Niyə elə üsulluca çimdikləmirsən ki, özünün də xoşuna gələ? (Gülüş)

G ü l ə n d a m. Ağrım hamınızın ürəyinə! Azğın uşaqları azğın! (Gülüş)

S ə f i q u l u. Artıq danışsan, vallah səndən dişdək allam ki, saf ürəyin gedər, qəşş elərsən.

G ü l ə n d a m. Yavaş, boğazında qalar. Kül başına!

S ə f i q u l u. Mən ölüm, uşaqlar qoymayın! Şahqulu, tut, qoyma! Allahqulu, o yandan gəl!

G ü l ə n d a m. Mürdəşir yusun üzünüzü, murdar uşaqları! (Qaçır.)

A l l a h q u l u. Ay uşaqlar, birdən gedər deyər, vallah, Cənnətəli ağa dərinizə saman təpər, farağat oturun.

Ş a h q u l u. Xasiyyətinə bələdəm, qorxma deməz. Sən öləsən, özünün ürəyindəndir… Siz öləsiz, özü məni gündə min qapazlayır. Qızlar da qoşulurlar ona. Sən öləsən, mənə qapaz, yumruq. Mən də, sən öləsən, meyitini görüm (uzada-uzada) həllənirəm, həllənirəm… Xülasə, qardaş, bu evə Allah min bərəkət versin, hamının kefi kökdür.

H e y d ə r q u l u a ğ a (o biri otaqdan). A gədələr! Şahqulu! Allahqulu! Ay murdar uşaqları, sizi çağırmıram? Biriniz bura gəlsənizmi!

Ş a h q u l u. Hər kim qapaz yemək istəyir, buyursun! Mən qələt elərəm, getmərəm. (Qaçır.)

S ə f i q u l u. Ay gədə, Şahqulu! Ağa səni çağırır, hara qaçırsan? (Bunlar da qaçırlar.)

T e l l i (daxil olub). Sənə qurban olum, ay Allah! Səni and verirəm öz birliyin hörmətinə, məni bu evdən tez xilas elə! Yoxsa canım boğazıma yığılıbdır, dəxi dözə bilmirəm… Bir yandan ömrü gödəlmiş Heydərqulu ağa mənə göz verir, işıq vermir, elə fikrə düşür, elə qələt eləyir ki, it yesə gözü ağarar… Bəyimlər də biri deyir corabımı çıxart, birisi də papiros gətir, od gətir, gör saqqızım hardadır… Özləri yerlərindən tərpənməzlər. Bilmirsən hara gedəsən…

H e y d ə r q u l u a ğ a (daxil olub). Yaxşı düşmüsən əlimə, dovşan çomağa rast gələn kimi… Dünəncə məni niyə söyürdün?.. İndi necəsən?

T e l l i. Sürün cəhənnəmə! Min yol sənə demişəm mənə sürtüşmə, xeyir aparmazsan. Vallah, qarnına bir bıçaq soxaram ki, bağırsağın ayağına dolaşar… Bihəya oğlu bihəya!

H e y d ə r q u l u a ğ a. Adın nədir Daşdəmir, yumşalısan, yumşalı…

T e l l i. Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli.

H e y d ə r q u l u a ğ a. Vallah əlimdən qurtara bilməyəcəksən… Nahaq yerə məni əzaba salma.

T e l l i. Ağlın özününkülərə getməsin… Bu bıçağı görürsənmi? Yaxşı olar ki, məndən əl çəkəsən… Dünən də atan, saqqalından utanmayır, əlimi sıxır… Yox bu xalq özünü çöldə qoyubdur… Kökünüz kəsilsin. (Gedir.)

H e y d ə r q u l u a ğ a. Görək Telli! Qalsın səninkilə mənimki. (Gedir o biri otağa. Püstəbanu bəyim tələsik yüyürür pəncərə tərəfə, dişində papiros.)

P ü s t ə b a n u b ə y i m. Güləndam, Güləndam, bir tez gəl! Tez ha, Güləndam, getdi, gəl! (oxuyur) Getmə, qurbanın olum…

G ü l ə n d a m. Kimdir, xanım, kimdir? Hanı, necə oldu?

P ü s t ə b a n u b ə y i m. Belə Yusif bəydir, Cavad bəyin oğlu.

G ü l ə n d a m. Zalım oğlu zalım, xalis Yusifdir… Allah saxlasın gözdən-nəzərdən… Ay kafir oğlu, bir bəri bax, dayna!..

P ü s t ə b a n u b ə y i m. Bilsə ki, baxan var, gözün buradan kəsməz… Xa, xa, xa! (Yalandan gülür.). İndi getməzsən.

G ü l ə n d a m. Bax! Bax! Bax! Tərlanım… Bax, qızlar səni yesinlər!

P ü s t ə b a n u b ə y i m. Zalım oğlunun gərdəni bir qarışdır… Yerişinə bax! Səkir… Quş kimi səkir kafir oğlu.

G ü l ə n d a m. Ayağında çəkmə, arxalıq da məxmər… Bax, indi də papağın əyri qoydu.

P ü s t ə b a n u b ə y i m. Hələ çox büsat düzəldəcəkdir lotu… Deyəsən gələn var. (Gedir, oxuyur) “Getmə, yesirin oldum”.

Ş a h q u l u (daxil olub). Gördünüzmü Yusif bəyi? Gördüz necə gözəldir?.. Havaxt məni görəndə deyir: a kafir oğlu, mürtəd oğlu, bəyimin kefi necədir?

P ü s t ə b a n u b ə y i m. Yəni məni də soruşur? A səni yesinlər, Şahqulu! Göyçəkdirmi? Uzaqdan çox gözəl görünür.

Ş a h q u l u. Yaxından baxanda ki, sağ adam valeh olur… Allah bir xeyir iş düzəldə idi, nə oynardım, nə oynardım!..

P ü s t ə b a n u b ə y i m. Nə cür oynardın, a gədə?.. Elə indi bu saat oyna görüm… Mən ölüm başla… hm, tez!

G ü l ə n d a m. Qara geyəsən, oynasana!.. Hə, durma, başla görək.

P ü s t ə b a n u b ə y i m. Sən Yusif bəyin ölmüşü oyna!..

Ş a h q u l u. Yusif bəy ölüncə, qoy dünya-aləm dağılsın… Siz çalın, mən də oynuyum.

P ü s t ə b a n u b ə y i m (pəncərə taxtasında ləzginka çalır). Güləndam, əl vur! Ha qoçaq, ha qoçaq. Bərəkallah, afərin, Güləndam, yeridi, qoyma! (Şahqulunu qapazlayır.)

Ş a h q u l u. Vurun, sizə qurban olum! Vurun, əzizlərim, sizə qurban!.. Dəxi bəsdir! Dəxi bəsdir, başınıza dönüm, öldüm axı… Bəsdir, vallah, dişlərəm.

P ü s t ə b a n u b ə y i m. Ağzına bax qoduğun! Gör nə deyir: dişlərəm! Güləndam, yeridi! (Şahqulu qaçır, qızlar gülüşürlər.) Xa, xa, xa… (Gedirlər o biri otağa, o yandakı otaqdan Cənnətəli ağanın səsi gəlir.)

C ə n n ə t ə l i a ğ a. Nə var, a gədə? Genə nə olubdur? Bəri gəl görüm! Niyə qaçırsan? (Cənnətəli ağa, Kərbəlayı Məhəmmədvəli və Şahqulu daxil olurlar.)

Ş a h q u l u. Ağa, başına dönüm, hansı otağa girirəm məni qapazlayırlar. Canımın dərdindən bir yerdə dura bilmirəm. canım cəhənnəmə, papağımın şiltiyin atıbdırlar.

C ə n n ə t ə l i a ğ a (oturub). Qırışmal oğlu, nadürüstlük sənin özündəndir. Papağın yırtılar birini də allam. Get, böyük ağaya ərz elə ki, Kərbəlayı Məhəmmədvəli gəlibdir. (Gədə gedir.) Kərbəlayı, indi söylə görüm kənddə nə var, nə yox?

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i (yanında xurcun, içində bir kəllə qənd, bir sərnic qatıq). Ağa, başına dönüm, sənin ki, adın bizim üstümüzdədir, şükür Allaha, kefimiz çox kökdür. Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin.

C ə n n ə t ə l i a ğ a. Olsun, olsun… Söylə görüm, dəxi nə var, nə yox, özün necə dolanırsan?

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Ağa, dövlətindən kefim çox kökdür. Ancaq bu qış səkkiz gamuşum, on dörd inəyim, Xırda-paradan başqa, tələf olubdur.

C ə n n ə t ə l i a ğ a. Paho, nə böyük ziyanlıq olubdur!

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Ağa, dövlətindən qalanı da çoxdur… Mən bura gələndə qulluqçunuz bir az tədarük görmüşdü, ancaq bir elə qəza üz verdi ki, hamısını gətirə bilmədim. Yolda düşdüm Səmədbəygilə. Orada sənin dövlətindən mənə çox hörmət elədilər… Səfiqulu ağa da orada idi. Dedi ki, Kərbəlayı, gərək oturub mənim ilən bir yerdə çörək yeyəsən. Dedim, ay ağa, necə ola bilər? Mən elə qələt eləyə bilmərəm… Olmadı, oturdular, bir az çörək yedik. Sonra durdum ki, yola düşüm, gördüm sovqatımın çoxu gedibdir. Bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi. Qalanı bir sərnic qatıq oldu, heç açıb ağarda da bilmədim. Əlim boş olmamaqdan ötrü burada bir kəllə qənd alıb gətirdim.

C ə n n ə t ə l i a ğ a. Dəxi nə var, nə yox?

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Dəxi sağlığınız, nə var ki. Bir də, ağa, qubernator camaatdan ağsaqqal istəmişdi. Bir on nəfər cəm elədim, getdik… Buyurdu niyə dinc oturmursunuz, oğurluq eləyirsiz? Bilirsizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin? Ondan ötrü ki, onun arvad-uşağı yasavullar və kazak əlində yesir kimi həlaka gələr… Çox söylədi… Burada mən nə cür danışdımsa, dürüst yadımda deyil, amma onun elə xoşuna gəldi ki, oradan buyurdu mənə bir midal gəlsin nəlbəki böyüklüyündə.

C ə n n ə t ə l i a ğ a. Paho! Kərbəlayı, hər sözün doğru isə, amma burada çox artırdın. Onun üçün ki, nəlbəki böyüklüyündə midal olmaz; o böyüklüyündə yasavul nişanı olar.

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Başın üçün elə idi ağa! O günü də bir əhvalat oldu. Sarı Əhməd bəhrənin üstə bir az artıq-əskik danışdı. Üstümdə yaraq yox, elə əlimə bir paya keçdi. Bir balaca qulunuz da var, elə onu gördüm ki, Əhmədi bayaq alıb altına… İndi o, başı qanlı şikayətə gedibdir. Dövlətindən, heç zad bacara bilməz… Nə qədər canımda can var oğlunuza heç kim cürət eləyib, dil tərpədə bilməz.

(Xanpərvər bəyim və Şahqulu daxil olurlar.)

X a n p ə r v ə r b ə y i m. Kərbəlayı, kefin yaxşıdırmı? Nə qayırırsan, nə eləyirsən?

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i (baş əyib). Şəfaətiniz artıq olsun, xanım, ömrünüzə dua eləyirəm, kölgənizdə dolanıram.

C ə n n ə t ə l i a ğ a. Deməzsənmi Kərbəlayının on dörd gomuşu, altı inəyi bu qış tələf olubdur.

X a n p ə r v ə r b ə y i m. Ay, vay, vay! Nə pis iş olubdur!

Ş a h q u l u. Kərbəlayı, sənin bir elə malın harada idi? Rəhmətliyin oğlu, köhnə peşəni əldən qoymayıb goplayırsan.

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Sən mənə havaxt naxırçı olmusan ki, mənim malımın sayını biləsən, qoçaq?

Ş a h q u l u. Niyə, biz sizə qonşu deyilik, Kərbəlayı? Çığırmağa dəyirman, öyünməyə yad ellər. Belə gopu get elə yerdə işlət ki, səni orada tanıyan olmasın.

X a n p ə r v ə r b ə y i m. İtil buradan, vələdüzina! Sən heç ağzının sözünü bilmirsən! Kərbəlayı dəxi nə var, nə yox?

Ş a h q u l u. Kərbəlayı, başla görək.

C ə n n ə t ə l i a ğ a. İtil sənə deyirlər buradan, simitən oğlu simitən! İndi biz ilən həmsöhbət olacaqdır.

Ş a h q u l u. Kərbəlayı, bağışda, bəlkə xatırına dəydim.

X a n p ə r v ə r b ə y i m. Ay gədə, itilib getməzsən?

Ş a h q u l u. Bəli, gedim. (Gülə-gülə gedir.)

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Əliboş bu qapıya gəlmək mənə layiq deyil. Mən bu evin çörəyi ilə adam olmuşam. Çünki yolda sovqatımı əngələ saldılar, naəlac qalıb bu qəndi aldım ki, ağa özünə mürəbbə bişirtsin. (Qəndi çıxardıb kənara qoyur.)

C ə n n ə t ə l i a ğ a. Kərbəlayı, bizə nə çox xəcalət verirsən?

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Allah qoysa, gör, ağa, mən bu evə nə cür nökərçilik edəcəyəm… Mənim, ağa, ikinizdən də bir təvəqqem var… Mənim malım bu il elə ələfsizlikdən tərk oldu. Deyirəm hərgah şəfaətiniz olsa, o sizin aşağıdakı evin yanında, arxın altındakı yeri mənə bərat buyurasız, artıq yer də deyil, beş-altı çuvalın yeri ancaq olar, dana-bizo çəpəri qayıram.

C ə n n ə t ə l i a ğ a. Hə, yadımdadır… Oranı mən, orada olanda, istəyirdim bağ saldıram. İndi ki, sənə lazımdır, bağışladım sənə, sənin qulluğun mənim yanımda çoxdur. Hələ sənə çox zad verəcəyəm.

K ə r b ə l a y ı M ə h ə m m ə d v ə l i. Şəfaətiniz artıq olsun, Allah sizin kölgəvüzü bizim üstümüzdən əskik eləməsin, onsuz biz ayaq altında itərik. İndi, ağa, rüsxət versəz, gedib o bacım qızı Güləndamı da görüb gedərəm, yolum uzaqdır, bəlkə qaranlığa düşməyəm.

C ə n n ə t ə l i a ğ a. Yaxşı, Kərbəlayı, mən özüm də gedəcəyəm, bir yerdə gedərik… Təliqəni də Mirzə gələr, yazdıraram. (Kərbəlayı Məhəmmədvəli Xanpərvər bəyimə baş vurub çıxır. Cənnətəli ağa da gedir.)

X a n p ə r v ə r b ə y i m. Xoş gəldin. (Onlar gedəndən sonra çağırır.) Allahqulu, Allahqulu, bir qəlyan.

Pərdə

ÜÇÜNCÜ MƏCLIS

Vaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər.

C ə n n ə t ə l i a ğ a. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin?

A l l a h q u l u. Gətirə bilmədim, ağa, yoxdan nə gətirəydim?

C ə n n ə t ə l i a ğ a. Necə yoxdan, ay gədə? Bəs mədaxil necə olubdur? Sən Pişixurd kəndinə getməmişdin?

A l l a h q u l u. Heydərqulu ağa gedib tamam mədaxili alıb, mənə də cavab verdilər ki, ağanın bizim üstümüzdə heç zadı qalmayıbdır.

C ə n n ə t ə l i a ğ a. Ay gədə, mən dəli olmuşam, bilmirəm, yoxsa sən? Əməlli danış görüm nə deyirsən?

A l l a h q u l u. Ağa, elə əməlli ərz eləyirəm. Heydərqulu ağa bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır, yekanları tərəkəməyə tamam pay-püşk eləyibdir. Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. Onu da Hacıya üz eləyibdir.

C ə n n ə t ə l i a ğ a. Əstəğfürullah, bəs Heydərqulu özü necə olubdur?

A l l a h q u l u. O da məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür.

C ə n n ə t ə l i a ğ a. Onu bura çağır görüm bu nə əməldir mənim başıma gətirir? (Allahqulu gedir.) Siz Allah, buna baxın görün belə də iş olumu?.. Ha sənin boyuna ip ölçüm! Ha səni itəsən! Mən borcluların əlindən bazara çıxa bilmirəm, bu görün mənim başıma nə pəstaha gətiri! İndi mən başıma nə çarə qılım? Ha səni yerə girəsən!

M ə h ə m m ə d ə li (daxil olub baş əyir). Ağa, bizim bir az hesabımız var, ola bilərmi ki, onu şəfaət eləyəsiz?

C ə n n ə t ə l i a ğ a. Necə hesabdır? Sən haradan gəldin çıxdın bura?

M ə h ə m m ə d ə li. Elə artıq hesab deyil, ağa… Təndirxana uçmuşdu, onu qayırmışam.

C ə n n ə t ə l i a ğ a. Elə işlərə mən qarışmıram və qarışmaq da istəmirəm.

M ə h ə m m ə d ə l i. Niyə, ağa, özünüz danışmadınız? Dörd manat bir artıq pul deyil.

C ə n n ə t ə l i a ğ a. Yaxşı qayırmamısan, bir qəpik də verməyəcəyəm.

M ə h ə m m ə d ə l i. Sahib ixtiyarısınız… Amma yaxşı deyil. Mənim haqqım gərək özümə çata.

C ə n n ə t ə l i a ğ a. Mən haqq-maq tanımıram, çölə çıx, kefimin pis vaxtıdır! Çölə çıx! Çıx deyirəm sənə!

(Heydərqulu ağa və Allahqulu daxil olurlar.)

C ə n n ə t ə l i a ğ a. Heydərqulu! Doğrudurmu ki, sən gedib mədaxilin hamısını satıb-sovub gəlmisən?

H e y d ə r q u l u a ğ a. Hə, doğrudur, nə olsun?

C ə n n ə t ə l i a ğ a. Canuva dərd olsun, vərəm olsun! Yavaş, sənə kim izn verdi ki, gedib özbaşuva elə iş tutasan?!

H e y d ə r q u l u a ğ a. Kim izn verəcək? Mən özüm getdim.

C ə n n ə t ə l i a ğ a. Sən çox qələt elədin! Başını daşdan-daşa döydün! Mən borcluların əlindən bilmirəm başımı hara təpim, sən də get bir böyük kəndin mədaxilini dəyər-dəyməzinə sat!.. Pulları bura gətir!..

H e y d ə r q u l u a ğ a. Bir qəpik də vermənəm… Pəs mən cahıl deyiləm! Mənim yoldaşlarım yüz-yüz manat xərcləyəndə mən baxa-baxa qalım?

C ə n n ə t ə l i a ğ a. Bu saat pulu say bura, yoxsa ətini özünə yedirdərəm!

H e y d ə r q u l u a ğ a. Yox bir… Vallah, heç kim yel olub mənim yanımdan da ötə bilməz!

C ə n n ə t ə l i a ğ a (ayağa durub). Nə deyirsən, ay gədə? Bir də de görüm! Bu saat səni iti öldürən kimi öldürrəm! (Məhəmmədəli durur qabağa.) Belə də iş olarmı, ay camaat, həmi darımı yesin, həmi də mənə xoruldasın?

M ə h ə m m ə d ə li. Ağa, başına dönüm, hövsələni bir bas.

H e y d ə r q u l u a ğ a. Sən Allah burax görüm, o mənə nə qayıracaqdır… İndi bilir mənim cinimi ha… (Allahqulu durur qabağa.)

A l l a h q u l u. Ağa, başına dönüm, böyüyün üzünə ağ olma, bəri gəl gedək. (Aparır o biri otağa)

C ə n n ə t ə l i a ğ a. Yaxşı, Heydər, görək!.. Atamın ərvahına, bu saat gedib natarusda kağız yazdırıb, səni hər zaddan məhrum edəcəyəm. (Gedirlər.)

M ə h ə m m ə d ə li (tək). Ağanın kefi şit dadır… Qəribə halətdir… Bir belə mülk-maaş sahibi olasan, yaxan borclular əlində qala və bir ağzından süd iyi gələn uşaq da səni biabır eləsin? Həqiqət böyük müsibətdir… Bəli, yazım dəftərin qırağına ki, bizim dörd manat guruldadı… Nə eləyək, o da qurban olsun Tellinin bir telinə. Ancaq bir işdən çox qorxuram. Bu ev çox qarış-bulaşdır, ona görə Tellinin burada qalmağını heç məsləhət görmürəm və bilmirəm ki, nə təhər eləyim (Yavaş-yavaş o qapıya, bu qapıya qulaq verir, yavaşdan) Güləndam, Güləndam.

G ü l ə n d a m (daxil olub). Nə var, yenə çox tələsmisən? Hələ bir de görüm baftanı gətirmisənmi?

M ə h ə m m ə d ə li (baftanı verib). Ala, ay başına dönüm, necə tələsməyim? Bircə mənə de görüm Telli nə deyir, razı olurmu?

G ü l ə n d a m (yavaşdan). Telli razıdır, ancaq el adətilə gedərəm, deyir. Yavaş danış, bizi pusurlar.

M ə h ə m m ə d ə li. Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur. Aman günüdür, mən Tellinin tək bircə gün də burada qalmağına razı deyiləm… Sənə canım qurban, gör bir təhər eləyə bilərsənmi?

G ü l ə n d a m. Ay nainsaf, bundan artıq çalışmaq olarmı ki, mən çalışıram?.. Səninki də elə odur ki, həmi qız olsun, həmi tez.

M ə h ə m m ə d ə l i. Təxirə qoyma, Güləndam, aman günüdür, canım sənə qurban.

G ü l ə n d a m. Mənə bir on dörd arşın güllü çit alarsanmı?

M ə h ə m m ə d ə l i. Belə, bax mənim bu gözüm üstə… İstəyirsən elə bu saat alım gətirim. Güləndam, Güləndam, cənnətə o kəs gedər kim, yetirər yarı yarına. Ölürəm, bağrım çatlayır!

G ü l ə n d a m. Yaxşı, ölmə. Artıq burada durma, get… Get bu axşam molla Heydərgildə gözlə, qızı ora göndərəcəyəm, işiniz orada tamam olsun. Bax, amma çit yadından çıxmasın ha!

M ə h ə m m ə d ə li. Belə Allah səni də xoşbəxt eləsin. Nəinki çit, hələ sənə bir neçə yaylıq da alıb gətirəcəyəm. Çox sağ ol. (Gedir.)

G ü l ə n d a m (tək). Özümü yamanca bəlaya salmışam… Bədənim zağ-zağ əsir… Bilsələr, vay mənim halıma. Yusif bəy ilan dili çıxardır… Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir… Bizim bu qız, bu qız! Başınıza dönüm, on dörd yaşında, yeyib, içib, qızmış nərə dönübdür… Elə deyir havaxt olacaqdır?.. Vay zamananız dağılsın! (Süpürür.)

P ü s t ə b a n u b ə y i m (daxil olur). Belə sənə bu cavan canım qurban, Güləndam, Yusifi gördünmü? Bu gecə gələcəkdirmi?

G ü l ə n d a m. Yavaş danış, qurbanın olum! Məni qana çalxama, gələcək ey, gələcək! Get qızıl-mızılını yığ, bir boxçaya bağla… Küçənin başında fayton hazır olacaq, düz gir faytona, dəxi borcun deyil… Vaxtını mən özüm gəlləm deyərəm… Di durma, get!.. Mənə az yaxın gəl, duyallar!..

P ü s t ə b a n u b ə y i m. Gör sənə nələr verəcəyəm?! (Üzündən öpüb qaçır.)

G ü l ə n d a m (tək). Qıza bax, qıza! Deyir ki, gör sənə nələr verəcəyəm. Pəs necə? Babamı öldürmüşəm ki, goruna and içim. Bir belə tədbir eləyim, bir belə qorxu çəkim, əvəzində bəs verməyəcəksən? Şahqulu, Şahqulu! (Çağırır.)

Ş a h q u l u (daxil olub). Nə var belə, sənə mənim bu canım qurban? Nə deyirsən, ay maralım?

G ü l ə n d a m. Sarsaqlama, genə sənə bir söz deyəcəyəm. O gərək yadından çıxmaya. Ondan ötrü ki, sənə mənim yazığım gəlir.

Ş a h q u l u. Sən desən ki, yıxıl ayağımın altında öl, sözüm nədir.

G ü l ə n d a m. Gör özünün də ağlın kəsirmi? Bax, Şahqulu, sən qızın yanında çox Yusif bəy elə getdi, Yusif bəy belə getdi söyləyirsən… Qız uşağının beyni olmaz… Sonra bir iş olar, altın çəkə bilməzsən. Heydərqulu ağa bir dəlibaş uşaqdır. Cənnətəli ağanın hirsin mən görmüşəm. Vurarlar, iti öldürən kimi səni də öldürərlər… Sonra haray hara çatar?.. O gün də böyük ağa deyirdi ki, bilmirəm bu Cavadın oğlu bizim küçədə nə çox gəzir. Bir deyən yox, a qoduq, anqır tayını tap!.. İndi bilirsən, balam, Allahı sevərsən, dilini dinc qoy, bizi xata-bəlaya salma. Budur, bax qabaqcadan deyirəm: birdən səndən bir elə söz eşitsəm, vallah, düz gedib ağalara deyəcəyəm. İndi özün bil.

Ş a h q u l u. Allah atana rəhmət eləsin, Güləndam, yaxşı ki, məni başa saldın… Bundan sonra mən qələt elərəm bir də Yusif adı çəkmərəm… Yazıq, yetim gədəyəm, vurarlar, öldürərlər, atamın evi yıxılar.

G ü l ə n d a m. Get Tellini də bura göndər gəlsin, yazıqdır, onu da xəbərdar eləyim. (Şahqulu gedir) Vallah, belə qəribə iş olmaz, yaxşı deyirlər: özünə umac ova bilməz, özgəyə əriştə kəsər. İndi buna kələk qur, onun başın piylə, onların dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan… O iymişin saqqalına həna qoya-qoya… Adı yadıma düşəndə dişim bağırsağımı qırır… Allah qəzəb eləsin dayım Kərbəlayı Məhəmmədvəliyə, məni bu bəlaya salan odur… (Telli daxil olur.)

G ü l ə n d a m. Telli, bu gün bura çox qarışıqdır, burada adam xətadan xali olmaz. Hər nə olsa gərək bu gecə ola… İndi get nə ayın-oyunun varsa, yığ bir düyünçəyə… Ancaq heç kim duymasın. Axşam azanı düz get molla Heydərgilə, əhvalatdan o özü xəbərdardır. Məmmədəli də orada olacaqdır…

T e l l i. Bədənim əsim-əsim əsir… Heç ağlıma gəlməyən işə düşmüşəm, qurbanın olum.

G ü l ə n d a m. Ay yassar, güdaza getsə, burada mənim canım gedəcəkdir. Sən vaxt ikən canını qurtar. Bundan savayı sənin çarən yoxdur… Durma, get işinin dalınca!

T e l l i. Nə bilim, ay başına dönüm… Burada qalarsan vay, gedərsən vay. Belə də iş olarmı ki, mən düşmüşəm? (Gedir.)

G ü l ə n d a m (tək). Bunları yola salandan sonra görüm Səfiqulunu nə təhər yola gətirrəm. Yoxsa belə yurdsuz-yuvasız bayquş kimi haçanacan qalacağam. (Gedir.)

H e y d ə r q u l u a ğ a (əlində tüfəng daxil olur). Allahdan qorxmayasan, bu ev-eşiyi darbadağın dağıdasan!.. Bu başdan bir od qoyasan, o başdan cırrıt deyib çıxa!.. Allahqulu! Səfiqulu! Haradasız, biriniz məgər burada tapılmazsız?.. Ay gədələr, görək… Bəlkə mənim meyitimi salalar… Gedərəm qaçaqlara qoşullam. Bu işdə ölmək var, dönmək yoxdur… Gör məni kim ilən hədələyirlər!.. (Gəzinir.)

N ö k ə r l ə r (daxil olub). Nə buyurursuz, ağa?

H e y d ə r q u l u a ğ a. Çor buyururam, zəhrimar buyururam! Heyvan uşağı heyvan! Bu saat mənim atımı yəhərləyin, evdə də deyin ki, vallah, billah, tallah, hər kim Pişxurd kəndinə dolansa, onu iti öldürən kimi öldürəcəyəm!..

S ə f i q u l u. Ağa! At çoxdan hazırdı.

H e y d ə r q u l u a ğ a. Eşitdinizmi? Nə təhər ki, mən deyirəm, elə deyərsiz. Mən belə deməmişdim… İndi onlara, verən Allah, mənə verər Allah… Atı çək çölə! Ay gədə, hey, Allahqulu! Birdən bilməzsən, deyərsən ki, “buyruq quluyam”, oralara gələrsən. And olsun Allaha, başını mal başı kimi kəsərəm!

(Heydərqulu ağa və Səfiqulu gedirlər.)

A l l a h q u l u (tək). Arığın nə işi var qoruqda ki, vuralar qıçı sına… Allah vara ata-oğul bir-birinin ətini yesinlər, bizə nə var, canları cəhənnəmə… (Gedir.)

Pərdə

DÖRDÜNCÜ MƏCLİS

Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar.

C ə n n ə t ə l i a ğ a. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə , özü çıxdı qabağıma əl verdi… Qəribə oğlandır… Heç bir belə divanbəyi mən hələ görməmişdim… Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm.

M i r z ə Ə s g ə r. Ağa, elə deməyin, nə təhər olsa yenə baladır… Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin.

C ə n n ə t ə l i a ğ a. Bir oğul ki, mənim üstümə tüfəng çəkə, bir oğul ki, məni döymək istəyə… Gədələr tutmasaydılar, hələ məni vuracaq idi… Onu bir də evə qoya billəm?

M i r z ə Ə s g ə r. Əlbəttə, siz buyurandır, amma gənə nə tövr olsa, gərək onu mənzur eləyəsən ki, cahilin beyni qan olar və lazımdır ki, camaat üzünə bir növ ilə dolanasınız. Yoxsa, özünüz bilirsiniz, bizim xalq bir sözün üstə beşini də qoyub adamı rüsvay elərlər…

C ə n n ə t ə l i a ğ a. Allahdan gizlin deyil, bəndədən nə gizlin… Mən çox yaxşı bilirəm ki, qədim əsrlər keçibdir. İndi mən məhz bir mədaxilin ağasıyam, o da ki tarac olsun, onda bəs mən nə eləyim?

X a n p ə r v ə r b ə y i m (daxil olur). Ay kişi, getdin nə qayırdın? Bu şikayət nə idi? Gözüyün ağı-qarası bir oğlun var, istəyirsən onun da başını şişirdib çöllərə salasan? Heç bir utanmırsan? Belə də iş olarmı?

C ə n n ə t ə l i a ğ a. Elə əvvəldən axıra sən deyilsənmi uşaqların başına daş salan? Gözümün ağı-qarası oğul gərək mənim var-yoxumu dağıdıb, yaxamı borclular əlində qoya?! Mən ki hələ ölməmişəm! Bəs mənim adım, sanım necə olsun?

Külfətimdən əl çəkib, acından ki ölməyəcəyəm?

X a n p ə r v ə r b ə y i m. Ay kişi, bəsdir, Allahı sevərsən, acıqlı başda ağıl olmaz, xalqı özünə az güldür!

C ə n n ə t ə l i a ğ a. Mən ancaq dünən bilmişəm başıma nə daş düşübdür… Borc, borc kimi deyil ki! Mirzə, sən özgəsi deyilsən, evim yıxılıbdır.

M i r z ə Ə s g ə r. Ağa, sən Allah elə danışma. Sənə nə olubdur ki, evin yıxıla… Borcsuz düşmənin olsun. Onun üçün ki, deyirlər borcum var, etibarım var… Bu halda borcsuz kimdir? Tamam xanlar, bəylər boğazacan borca batıblar, bir siz deyilsiz.

X a n p ə r v ə r b ə y i m. Ay kişi, bəsdir sən Allah, onsuz da bu gün mənim kefim yoxdur… Allahqulu, Allahqulu, a gədə, bir qəlyan gətir… Kişi bir sözün ucundan tutub dəxi qurtarmaq bilmir… Pul yiyəsinin canı çıxsın, bizi də buradan köçürtməyəcəkdir.

C ə n n ə t ə l i a ğ a. Köçürdər də, hələ desən adamın gözünə ağ da salar! Kafir uşaqları bilmirsən adamın başına nə iş gətirirlər… Biri deyir ki, ağa ola bilər ki, bizim o xırda-para hesabımızı görəsiz? O biri işarə vurur: bu il taxıl görəsən necədir? Barama ki, Allaha şükür, yaxşıdır. Birisi də şəst ilən qalxıb təvazö eləyir: ağa, salam əleyküm və elə də adama zənlən baxır ki, deyəsən gözü adamın o yanından keçəcəkdir və eləsi də var ki, qıpqırmızı, az qalır adamı yaxalasın. Doğrusu, xəcalətimdən istəmirəm dəxi bazara çıxam, adamı o qədər təngə gətirirlər.

M i r z ə Ə s g ə r. Qulaq asmayın, canları çıxsın.

C ə n n ə t ə l i a ğ a. Kafir uşaqları istədikcə verdilər. Baqqal kor Əhməd üç yüz manat üstümə yazıbdır. Keçəl Hacı Mehdi doqquz yüz manat. İşə bax ki, nalbənd Poqus da on yeddi manat pul istəyir. Keçən vaxtlar olsaydı, belə borclar adamın gözünə muy qədri görünməzdi… Ay… hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulut kimi çöküb, bunu burada süpürləyirdim, onu orada… İndi qoyublar palajeniya. Rəiyyətə demək olmur buradan dur, orada otur… Bir yandan da saldat pulu, desyatin pulu, dəyirman pulu. Mən başıma nə çarə qılım? Vallah, az qalmışam dərdəcər olum…

X a n p ə r v ə r b ə y i m. Niyə, niyə, nə olubdur məgər? Padşahlıq pulu deyirlər manifest olub, bağışlanacaqdır. Baqqalların da canları çıxsın, verməyəydilər.

C ə n n ə t ə l i a ğ a. Atamın ərvahına and olsun, arvad, səndə, bax bircə belə ağıl yoxdur.

M i r z ə Ə s g ə r. Ağa, doğrudan da zəmanə dəyişibdir. Keçən əsr hara, indi hara?.. Amma manifesti hamı danışır. Bəyim doğru deyir, heç qulaq asmayın… Sonra borclular özləri yalvaracaqlar ki, ağa, başına dönüm, heç olmasa, vaynaçar, ayda beşcə manat da olsa üstümüzə tollayın.

X a n p ə r v ə r b ə y i m. Ay kişi, borcdan gələsi nə var ki onun ucundan tutub bir belə sadalayırsan? Vallah, mənim gözümə bir zərrəcə görünmür… Bizim dərdimiz var ki, borc onun yanında toy-bayramdır… O dərd qızıvun dərdidir. Vallah, gecələr də yata bilmirəm… Mirzə də onun qaydına heç qalmır.

M i r z ə Ə s g ə r. İkinizin də başı üçün, mən elə gecə-gündüz o fikri çəkirəm. Bu nə sözdür ki, siz buyurursunuz? Mən bu evin çörəyi ilən dolanıram, necə ola bilər ki, Püstəbanu bəyimin qaydına qalmayım?

X a n p ə r v ə r b ə y i m. Hərgah sənin köməyin dəysə idi, mən onu çoxdan xoşbəxt eləmişdim.

M i r z ə Ə s g ə r. Mən başıma nə çarə qılım? Bir para adamı siz layiq bilmirsiz, deyirsiz nanəcibdir, nücəbada da elə münasib oğlan yoxdur… Ağa, başına dönüm, acığın tutmasın, deyim: sizin Cahannisa bəyimin oğlu ikicə qara pula dəyməz. Gündüz axşamacan gözünün suyu tökülə-tökülə qoduq-moduq ilən gəzir. Hərçənd mülk-maşı çoxdur, amma ona vallah heç qız rəğbət eləyib getməz.

C ə n n ə t ə l i a ğ a. Qız uşağını özbaşına qoysan ya aşığa gedər, ya nağaraçıya… Cahannisanın oğlunu yaxşı tanımıram, amma mülkü çox olduğunu bilirəm.

M i r z ə Ə s g ə r. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir. Veyil-veyil gəzməkdən savayı bir işi yoxdur.

X a n p ə r v ə r b ə y i m. Məhəmmədkazım ağanın oğlu necədir?

M i r z ə Ə s g ə r. Ay başınıza dönüm, adam sözü danışın. O, xalis məktəbdən qaçmış Koroğlu dəlisidir. Ancaq bir çatması əskikdir. Ona qız vermək olar? Yenə bu təzə qoltuqdan çıxmalarda tək-tük layiq adam tapılar.

C ə n n ə t ə l i a ğ a. Heç vaxt, heç vaxt! Elə adamlar ilə qohum olmaqdan isə, qızımın ikisinin də başını kəsməyə hazır varam.

M i r z ə Ə s g ə r. İndi, ağa, siz göstərin, mən də düşüm dalıncan… Birisi var, əgər mənim qızım olsa idi və o da müştəri olsa idi, mən yüz qurban kəsərdim. Ancaq bilirəm ki, qəbul etməyəcəksiz… Məhərrəm yüzbaşının oğlu… Bəy dəftərində adı var, artıq dövlətli. Bu halda da özü silistçi, çox kamil, gözəl oğlandır.

X a n p ə r v ə r b ə y i m. Mirzə, eyib deyil? Heç utanmırsan, bizim evdə elə adamların adını çəkirsən?

C ə n n ə t ə l i a ğ a. Rəhmətlik oğlu edə söz danışır ki, bişmiş toyuğun gülməyi gəlir… Bu nə sözdür… İstəyirsən bizi şəhər içində rüsvay eləyəsən?

M i r z ə Ə s g ə r. Ay ağa, başına dönüm, söz idi, dedim. Dəxi sizin niyə acığuvuz tutsun?

X a n p ə r v ə r b ə y i m. Elə adamlardan isə, Cahannisanın oğlu yaxşıdır.

M i r z ə Ə s g ə r. Yaxşıdır, əgər qız getsə.

C ə n n ə t ə l i a ğ a. Bayaq dedim, Mirzə, qızı özbaşına qoymaq olmaz… O da mənə Heydərqulu olmayacaq ki?.. Vallah, qoyaram ayağımın altına, çəkərəm, boğazı sərçə boğazı kimi üzülər.

X a n p ə r v ə r b ə y i m. O Cavadın oğlu Yusif də deyirlər buralarda çox hərlənir. O bilmirəm nəçidir, elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim!

M i r z ə Ə s g ə r. Onu mən çox yaxşı tanıyıram. Onun veyil-veyil gəzməkdən savayı bir sənəti yoxdur… İtin birisidir: bir özü, bir darağı… Budur, iki ay olur ki, atası da evdən qovubdur… Ondan bəri dəllək Qəmbərin oğlu ilə yava-yava gəzir.

G ü l ə n d a m (daxil olub). Xanım, bir tez bura zəhmət çək! (Xanpərvər bəyim ilə Güləndam gedirlər.)

C ə n n ə t ə l i a ğ a. Bu qəziyyədən sonra, Mirzə, ola bilərmi ki, bir az pul tapasan, o xırda-para borcları verək?.. Mülkün birini də girov qoymağa hazıram.

M i r z ə Ə s g ə r. Nə deyim, ağa, ağlım kəsmir ki, elə adam tapılsın.

C ə n n ə t ə l i a ğ a. Genə sən yaxşısan, mən buraya bələd deyiləm. Nə qədər neustoyka da qoysalar əlac yoxdur, qoysunlar.

M i r z ə Ə s g ə r. Görüm, ağa, papaqçı Məşədi Rəhimdən ala bilərəmmi. Onunla o günləri danışdım, qırışmal ildə manata üç abbası istəyir.

(Güləndam tələsik daxil olub, otağın künclərini axtarır.)

C ə n n ə t ə l i a ğ a. Nə axtarırsan, ay qız?

G ü l ə n d a m. Tüfəng, yaraq axtarıram… Nə bilim, ay başuva dönüm?.. Allah Şahqulunun atasına nələt eləsin! Mən min dedim bu qızın yanına az gir-çıx! (Tələsik bir tüfəng, bir tapança götürüb gedir.)

M i r z ə Ə s g ə r. Görəsən Şahqulu genə nə pəstah kök eləyibdir?

C ə n n ə t ə l i a ğ a. Yox, xətadan xali deyil. Olmasa tüfəng-tapança nə lazımdır?

X a n p ə r v ə r b ə y i m (daxil olub). Ay qız, mənə bir az su!.. Su… Ürəyim getdi, ay, ürəyim getdi… Su, bir qurtum su! (Yıxılır.)

C ə n n ə t ə l i a ğ a. Nə olub, ay arvad? Niyə belə eləyirsən?

X a n p ə r v ə r b ə y i m. Ay başınıza dönüm, bircə qurtum su! Ay, bircə qolumu tutun!

C ə n n ə t ə l i a ğ a. Lal olmamısınız ha! Deyin görüm nə olubdur?

G ü l ə n d a m (Xanpərvər bəyimin qolundan tutub). Püstəbanu bəyimi görüm şamı-çırağı qara yansın! Nə olacaq, biabırçılıq!

C ə n n ə t ə l i a ğ a. Necə biabırçılıq? Nə danışırsan, ay qız? Ay gədələr, haradasız?!

(Gədələr daxil olurlar.)

G ü l ə n d a m (Şahquluya). Sənə demədimmi, kafir oğlu, qız uşağının beyni olmaz, onun yanında çox artıq-əskik danışma?

C ə n n ə t ə l i a ğ a. Xataya düşdük, camaat də! Ay murdar uşaqları, sizdən soruşuram, nə olubdur? Püstəbanu bəyim hansı cəhənnəmdədir?

X a n p ə r v ə r b ə y i m. Qolumu tut! Su! Su! Öldüm, Allah! Vaaay, vayy!..

C ə n n ə t ə l i a ğ a. Əstəğfürullah rəbbi və ətubi ileyh! Niyə dinmirsiz, ay zalım uşaqları?

G ü l ə n d a m. Ay başına dönüm, heç kimdə taxsır yoxdur, bütün işlərin başı, bu boğazından asılmalı Şahqulu kafir oğlundadır.

A l l a h q u l u. Ağa, əvvəl-axır biləcəksiz… Cavad bəyin oğlu Yusif bəy Püstəbanu bəyimi götürüb qaçıbdır. İndi nə buyurursuz əməl eləyək… Tellini də Məhəmmədəli aparıbdır…

C ə n n ə t ə l i a ğ a (ayağa durub). Necə, necə? Səsini kəs, kafir oğlu, elə zad ola bilməz! Qanı qurşağa çıxardaram!..

Ş a h q u l u (ağlaya-ağlaya). Ağa, ağa, o çörəyin haqqı üçün mənim xəbərim yoxdur…

G ü l ə n d a m. Çörək gözünü tutsun yalan isə! Biqeyrət oğlu biqeyrət!

C ə n n ə t ə l i a ğ a. Zalım oğlu zalım, qabaqcan məni öldürəydin, niyə evimi yıxdın?! Vay, vay! Heydərqulu, boynun sınsın, harada qalmısan?

M i r z ə Ə s g ə r. Ağa, bir az səbr eləyin, görək məsləhət nədir.

C ə n n ə t ə l i a ğ a. Məsləhətdən keçibdir. Uşaqlar, durmaq yeri deyil. Bu saat xəbər verin mənim övladıma! Biriniz də çapsın el-obanın içinə. At belinə çıxan durmasın gəlsin! Vay, vay! Heydərqulu, səni görüm yaylım gülləyə rast gələsən! Şahqulu, ay çörəyim gözünə dursun, bu nə müsibətdir mənim başıma gətirdin?!

Ş a h q u l u. Ağa, ağa! Mənim əgər xəbərim varsa, Allah boynumu sındırsın, evimiz uçsun, bacım-qardaşım qırılsın.

C ə n n ə t ə l i a ğ a. Mənim tüfəngimi, qılıncımı buraya gətirin!.. Mən onların erkəyini də, dişisini də qırmasam, ürəyim soyumaz… Mirzə, Mirzə, görürsən mənim başıma nə gəlir?

Ş a h q u l u (Cənnətəli ağanın ayağına yıxılıb). Ağa, istəyirsən qabaqcan məni öldür. Amma vallah, billah, tallah, mənim xəbərim yoxdur.

C ə n n ə t ə l i a ğ a. Ayağa dur, mürtəd oğlu! Səni boğazından asacağam! Kəndir, süyürtmə! (Tutur boğazından.)

X a n p ə r v ə r b ə y i m. Allah, bu nə işdir biz düşdük? (Şahquluya) Barı gözümün qabağında durma! Barı gözümün qabağında durma!

G ü l ə n d a m. Ölümün çatıb, ay mürtəd oğlu, nə durmusan? Bir işdir eləmisən, barı boynuna al!

Ş a h q u l u. Yalan isə sənin gözünə güllə dəysin!

C ə n n ə t ə l i a ğ a. Tərpənmə, məlun oğlu! Ay gədələr, sizə demirəm süyürtmə gətirin? Tərpənmə, murdar oğlu! (Döyür.) Qanuvu içəcəyəm!.. Mənim başıma belə iş?! Mənim başıma bel iş?! Süyürtmə, süyürtmə!..

M i r z ə Ə s g ə r. Ağa, başına dönüm, bir az səbr eləyin, qohum-qardaş da yığılsın, görək nə tədbir elərlər.

C ə n n ə t ə l i a ğ a. Ay, ay, Mirzə, nə qoyub, nə axtarırsan? Bu iş tədbirsiz işdir… Yəni bundan sonra mən adam olub, adam içinə çıxacağam?!

M i r z ə Ə s g ə r. Ağa, belə işdə səbr lazımdır. Adamın gərək tədbiri çaşmasın. Artıq cəzə-fəzə sizin adınıza layiq deyil.

C ə n n ə t ə l i a ğ a. Adımız varsa da, qardaş, özümüz yoxuq!.. Tərpənmə, tərpənmə, zalım oğlu! (döyür) Süyürtmə, süyürtmə!

Ş a h q u l u. Ağa, məni öldürmə, taxsırım yoxdur, taxsırım yoxdur. Başına dönüm, ağa, vallah, taxsırım yoxdur. (qaçır)

C ə n n ə t ə l i a ğ a. Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü-aləmi xaraba qoyam! (Gedirlər.)

X a n p ə r v ə r b ə y i m. Ay Allah bəndələri, ölürəm!..

Pərdə
1891

YAĞIŞDAN ÇIXDIQ, YAĞMURA DÜŞDÜK
(Komediya, 4 məclisdə)

ƏHLİ-MƏCLİS

H a c ı Q ə m b ə r – əlli yaşında, sövdəgər

D i l b ə r x a n ı m – qırx altı yaşında, onun övrəti

C a v a h i r x a n ı m – on səkkiz yaşında, onların qızı

Y e t ə r – qulluqçu, on altı yaşında

C ə b i – nökər, qırx səkkiz yaşında

H a c ı S a l m a n – tacir

M a y o r X u d a v e r d i b ə y – xaşalqarın

Ə ş r ə f b ə y – cavan oğlan, Dilbər xanımın bacısı oğlu, oxumuş

D ə y i r m a n ç ı Q ı d ı k i r v ə – gödək, qoca kişi, üzü qırxıq, uzun sallama bığ

M o l l a S ə f i

A ş ı q V ə l i

T ı n t ı n İ m a m q u l u – başmaqçı

M a h m u d – Əşrəf bəyin nökəri

ƏVVƏLİNCİ MƏCLİS

C a v a h i r x a n ı m (tək, taxt üstə oturmuş, bikef). Pərvərdigara! Sən özün bizə rəhm elə, yamanca yerdə axşamladıq, qəribə, olmayan xataya düşdük… Yazıq anam baş götürüb evdən qaçıb, bilmir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı… Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam… Fəqir atam. Yazıq atam. Günü qara anam. Bədbəxt, köməksiz anam. (Ağlayır.)

Ə ş r ə f b ə y (daxil olub). Cavahir, nə olub, ay qız, deyəsən ağlayırsan?

C a v a h i r x a n ı m. Sənə qurban olum, ay xala oğlu, nə yaxşı sən gəldin. Evimiz yıxılıbdır, başına dönüm.

Ə ş r ə f b ə y. Nə olub, ay qız, nə olub?

C a v a h i r x a n ı m. Nə olacaq? Hacı Salmanı tanıyırsanmı? Evi yıxılmış biçarə atamı tovlayıb, var-yoxunu əlindən alıb verib baramaya, indi deyirlər ki, Qara dəryada gəmi qərq olub, tamam barama batıb… Atam bu əhvalatı eşidən kimi başına hava gəlib, olub dəli, evdən qaçıb. Anam da pir, ocaq qalmayıb ora qaçmaya, bir molla və seyid qalmayıb, ona dua yazdırmaya. Özü də evdən baş götürüb itib.

Ə ş r ə f b ə y. Bu yaxşı iş olmadı… Həkim gətirmisizmi?

C a v a h i r x a n ı m. Həkim-zad nə qayırır?.. Ancaq qalmışıq kişinin həşrinə, bilmirik nə çarə edək.

Ə ş r ə f b ə y. Bəs Hacı özü haradadır?

C a v a h i r x a n ı m. Mən sənə deyirəm ki, atam belə. adəticə olub dəli. Nə qədər yalvardım ki, ata, sənə qurban olum, getmə, bir az yat dincəl, məni də itələyib yıxdı ora, ayaqyalın, başaçıq, hədərən-pədərən danışa-danışa getdi.

Ə ş r ə f b ə y. Yaxşı ki, mən gəldim. Heç fikir eləmə, Cavahir, mən bu saat gedib lazımı binagüzarlıq elərəm. Həkim gərək, dərman gərək. Lazımdır Hacını evdən çölə qoymamaq.

C a v a h i r x a n ı m. Gözlərinə qurban olum, Əşrəf… Bax, səni qoymayacağam gedəsən, ta ki, atam yaxşı olub, dürüst sağ olanacan.

Ə ş r ə f b ə y. Durmaq yeri deyil, dəxi mən getdim… Ancaq xalam gələndə deyərsən ki, çox cəzə-fəzə eləməsin, Allah qoysa yaxşı olar.

C a v a h i r x a n ı m. Get, Allah səni bizə çox görməsin. Get, Allah fəryadına yetsin. (Əşrəf gedir.) Pərvərdigara! Şükür sənə. Mənim bacılarım hərəsi gedib bir Allah bəndəsinə, öz evlərində rahat dolanırlar. Mən bədbəxt gərək belə müsibətə düçar olaydım?.. Mal-dövlət əldən gedib. Bundan sonra bizim günümüz nə təhər keçəcək, Allah bilir?! Yazıq canım, fağır canım!

D i l b ə r x a n ı m (daxil olur, yorulmuş, bikef). Cavahir, o suyu mənə ver, dilim ağzımda yanıbdır, ayaqlarım qəbər olub… Görəsən mən hansı saatda dünya üzünə gəlmişəm? Mən olan günə daş düşəydi! Elə bu qalmışdı ki, qəza bizim başımıza gətireydi?

C a v a h i r x a n ı m (su verib). Ana, gəlsənə ayaqlarını isti su ilə yuyam.

D i l b ə r x a n ı m. Lazım deyil, bala, gedəcəyəm…

C a v a h i r x a n ı m. Heç yerə getmək lazım deyil… İndi elə bu saat Əşrəf dava-dərman gətirəcək. Dedi ki, xalam çox cəzə-fəzə eləməsin və qorxmasın. Heç zad olmaz. Atamı da bu saat gətirəcəkdir.

D i l b ə r x a n ı m. Əşrəfin gəlməyi yaxşı oldu… Sizə canım qurban, şəhər tamam dəyib bir-birinə. Hara gedirəm gədələr məndən əl çəkmirlər. Biri deyir pirə apar, biri deyir dua yazdır, birisi hırıldayır, birisi yalandan, guya ki, bizim dərdimizə qalır… Mən də inanıram… Nə bilim? Adamın əli yananda ağzına təpər… Mənə hər nə deyirlər, mən də onun dalınca gedirəm. Nə bilim? Hacı Salmanın evin Allah yıxsın, balaları qırılsın!

C a v a h i r x a n ı m. Allaha yalvarmaqdan savay əlimizdən nə gələr?

D i l b ə r x a n ı m. Məscid qabağında dizi üstə çöküb, nə qədər yalvarmışam, nə qədər söz demişəm.

C a v a h i r x a n ı m. Yavaş bir, deyəsən atamı gətirirlər.

Ə ş r ə f b ə y (çöldən). Ay kişi, vallah, billah, tallah, mən səni aldatmıram… Bəri gəl, sən nə təhər adamsan? Bəri gəl deyirəm sənə. Bir gəl, de nədir sözün.

(Hacı Qəmbər, Əşrəf bəy və Cəbi daxil olurlar, Dilbər xanım, Cavahir xanım Hacını qucaqlayır.)

D i l b ə r x a n ı m. Ay kişi, evindən niyə qaçırsan? Bəri gəl, bir az dincəl.

C a v a h i r x a n ı m. Ata məgər bizə sənin yazığın gəlmir?

Ə ş r ə f b ə y (acıqlı). Allahı sevərsiz, danışdırmayın, oturun yerinizdə. Nə xəbərdir?!

H a c ı Q ə m b ə r -

 
Bir belə cəhəlkar adamlar olmaz, mən deyirəm:
Fikrində idi bir neçə turac ilə kəklik vursun,
Əvəzində oların sərçəni bozbaş edən əst.
 

O deyir, xeyr, qardaş, belə deyil… Bat-bat bexur, net rabatay. Yaramadı, getdi, batdı, itdi… İndi bunun cavabı nədir? O deyir: qaz vur, qazan dolsun. Mən deyirəm: xeyr, qardaş, yaramaz, bat-bat bexur, net rabatay! İndi yaydır, qazlar uçub gediblər… Əlavə mən deyirəm ki, əzizim, qoy gedim bu tiği-sitəmkarı oxalatdırım, Hacı Salmana qonaq gedim, o deyir: xeyr, olmaz, bat-bat bexur, net rabatay. Gəmi batdı, it də getdi, ip də getdi… Bu da beləsi… İndi necə olsun, Əşrəf, sən ağıllı oğlansan, buna nə deyirsən?

Ə ş r ə f b ə y. Mən deyirəm yorulmusan, get yat, bir az dincəl.

H a c ı Q ə m b ə r. Təəccüb iş burasıdır ki, iki qulaqlarımın birisi mənə düşməndir, birisi dost… Sağ qulağım çığırır ki, vurulan qafilə sənindir, kirədar neçün ağlar? Sol qulağım çığırır: yalan deyir, çox qələt eləyir, bat-bat bexur, net rabatay. O dolu sandıqlar sağ olsun, biri ləl, biri cavahir… Sağ qulağım deyir ki, yüz min təbib neynəsin, bir fələk qarğamışa. Sol qulağım deyir: qələt eləmə, bir şəm ki, haqdan yana, heç bad ilə sönməz. Kafir uşaqları məni lap təngə gətiriblər, bilmirəm hansına inanım… Amma Hacı Salmana bir düdəməyi-hindi ilişdirməyim var… Belədir, Cəbi, ya yox?

C ə b i. Sənə gələn dərd-bəla gəlsin Cəbinin balalarına, yazıq ağa!

H a c ı Q ə m b ə r. Ayağımın birisi deyir: dərya topuqdandır, o birisi deyir: həri, ha-ha… Dərya Bakının neft quyularından da dərindir, ora düşən, get, ay batandan sonra gəl. Bat-bat bexur, net rabatay… O qaldı İsrafilin düdək çalmağına. Yat ki, yatacaqsan… (Uzada-uzada) Gəmi… dərya… barama… Hacı Salman… Hacı Qəmbər… qutrats!..

C a v a h i r x a n ı m. Ata, heç bilirsənmi, gecədən nə keçibdir? Gəl gedək yataq, gəl, canım sənə qurban. Gəl axır biz də yazığıq!

H a c ı Q ə m b ə r. Gedək yataq. İsrafil zurnasını çalanacan (əlini ağzına tutub) du-u-u! Ay İsrafil qardaş, du-u-u!.. Öləsən də yatıb durmayacağam, du-u- u!.. (Gedirlər.)

Ə ş r ə f b ə y. Xala, sən heç fikir eləmə, Allah qoysa Hacı bir-iki günə yaxşı olar. O ki qaldı dövlətin əldən getməsinə, o barədə genə fikir lazım deyil. Mənim canımın da, malımın da təəllüqü var sizə. Mən bir gün də qoymaram ki, siz üsrət çəkəsiz. Mənim sizdən savay bir kəsim yoxdur.

D i l b ə r x a n ı m. Allah səni bizə çox görməsin, həmişə ümid yeri eləsin, ay Əşrəf… Ancaq yaman bəlaya düşdük.

Ə ş r ə f b ə y. Sənin canın üçün, xala, Hacının bu əhvalatından artıq məni bu gün müsəlman qardaşların hərəkəti qəmgin edibdir. Biçarə kişini bir hoydu-hoyduya götürmüşdülər ki, Allah göstərməsin… Vəhşi, nadan tayfa!

D i l b ə r x a n ı m. Doğrudur, başına dönüm, Allah onların zülmün artırsın.

(İmamqulu otağa girmək istəyir.)

C ə b i. Sən nə istəyirsən, qardaş? Nə üçün gəlmisən? Nə var burada, qoymazsız görək dərdimiz nədir?

İ m a m q u l u (burnunda). Gəlmişəm sənin sifətinə baxmağa… Rəhmətliyin oğlu, belə dur görüm… Əlbəttə, işim var ki, gəlirəm də.

Ə ş r ə f b ə y. Cəbi, qoy gəlsin görək nə deyir (Gəlir.). Nədir sözün, qardaş nə istəyirsən?

İ m a m q u l u. Heç, bir elə artıq iş yoxdur… Deyirlər ki, Hacı belə olubdur (şəhadət barmağın salıb ağzına çıxardır). Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm. Vəssalam. Nə lazım, qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil.

Ə ş r ə f b ə y. Buyur görək nə hesabdır.

İ m a m q u l u. Hacının özünü görmək olmazmı?

D i l b ə r x a n ı m. Hacı naxoşdur, yatır. Nədir sözün onu de?

İ m a m q u l u. Hacını bu gün bazarda gördüm. Allah göstərməsin, çox yaman gündə. Allah kömək eləsin. Nə deyim… Ancaq, qardaş, bir çin külfətim var, zarafat deyil.

Ə ş r ə f b ə y. Allah xatirinə, qardaş, sözünü de, rədd ol, tul eləmə.

İ m a m q u l u. Niyə belə tələsirsiz, ay bəy? Sizi mən burada yemirəm ha.

Ə ş r ə f b ə y. Əstəğfürullah! Ay tıntın qırışmal, hesabın nədir, onu de, artıq bizə niyə əziyyət verirsən?

İ m a m q u l u. Ay bəy, niyə belə kəmhövsələsən? Deyirəm, qardaş, hesabım var, Hacı özü yaxşısını bilir.

Ə ş r ə f b ə y. Cəbi, Allah xatirinə bu kişini çölə çıxart! Füzul oğlu füzul, ovqatımızı təlx elədi. Nə qanır, nə qandırır.

İ m a m q u l u. Qanmayanda mən də Hacı kimi dəli olmamışam! Belə ona bir cüt başmaq tikmişəm, onun pulunu istəyirəm, vəssalam… Zarafat deyil, qardaş, bir naxır külfətim var.

Ə ş r ə f b ə y. Tfu, füzul oğlu füzul! Pulu nə qədərdir, ayı, pulu? Qanırsanmı?

İ m a m q u l u. Sən məni söyə bilməzsən, ixtiyarın yoxdur!

C ə b i. Ala bu sənin bir manatın, sürün buradan cəfəng oğlu cəfəng, yoxsa çənəni oynadaram!

İ m a m q u l u (gedə-gedə). Sən öləsən, heç yel də olub yanımdan ötə bilməzsən.

C ə b i. Rədd ol, heyvan! (Gedirlər.)

Ə ş r ə f b ə y. Vay müsəlman qardaş, tərbiyəsiz, vəhşi qardaş… Xudaya, nə vaxt biz bədbəxtlər elm tapıb, heç olmazsa rəftarın qaydasını öyrənəcəyik? Hər bir müsibətdən artıq bizim nadan olmağımızdır.

C ə b i (daxil olub). Ay bəy, bundan bədtəri gəlir. Xanım, sən buyur o biri otağa.

D i l b ə r x a n ı m. Xudaya, dəxi nə qaldı bizim başımıza gəlməmiş ola? (Gedir.)

Ə ş r ə f b ə y. Qoy gəlsin görək nə buyurur. Eşidiblər ki, Hacının malı batıb, özü dəli olub; onun külfətinə təsəlli vermək əvəzinə, hərəsi bir balta götürüb kişinin evin yurd eləməyə… və adlarını müsəlman qoyublar… Atəşpərəstliyə heç layiq olmayanlar…

(Mayor və Cəbi daxil olurlar.)

M a y o r. Hacını görmək olarmı?

Ə ş r ə f b ə y. Xeyr, Hacı naxoşdur…

M a y o r. Cəhənnəmə naxoş olsun, gora naxoş olsun… İndi mənim taxsırım nədir ki, tərləyə-tərləyə bu uzun yolu gəlmişəm? Deyən gərək, bihəya oğlu bihəya, pul almısan, niyə vədəsində vermirsən? Bir on gün bundan əqdəm lap nahaq yerə qoymadım gədələr onu saqqallayıb, bazar aşağı sürüsünlər.

Ə ş r ə f b ə y. Bəy, bir az atınızın başını çəkin!

M a y o r. Sən nəçisən və nə cürət edib o sözü mənə deyirsən? Məni tanımırsanmı?

Ə ş r ə f b ə y. Xeyr. Ancaq görürəm ki, adamsan, əlli-ayaqlı və qulaqlı…

M a y o r. Sən Məhəmməd yüzbaşının oğlu deyilsənmi ki, mənim qapımda dünənəcən sülənirdi?

Ə ş r ə f b ə y (kənara). Fuş… (Mayora) Bəy, sizdən çox təvəqqe eləyirəm uzun eləməyin, tələbiniz nə qədərdir, onu buyurun.

M a y o r. Qabaqca mənim sualıma cavab ver görüm Məhəmmədin oğlu deyilsənmi? Xa, xa, xa! Xalqa it hürər, bizə çaqqal.

Ə ş r ə f b ə y. Bəy, eyib olmasın soruşmaq, əldə böyümüsüz, yoxsa meşədən tutulmusunuz?

M a y o r. Əgər mən səni bu sözün üstə bazarda gədələrimə çubuq ilə döydürməsəm, bu papaq mənə haram olsun! Səbr elə!

Ə ş r ə f b ə y. Mən əgər bilsəydim ki, siz mənim sözlərimi başa düşə bilərsiz, yaxşı cavab verərdim… Çifayda… Yaxşısı budur ki, tələbinizi buyurasız.

M a y o r. İndi hər nə istəyirsən de, qəbulumdur. Ancaq axırını gözlə, gör başına nələr gətirəcəyəm.

Ə ş r ə f b ə y. Təvəqqe eləyirəm müzayiqə eləmiyəsiz… Tələbinizi buyuruz.

M a y o r. Aşkara deyirəm: hərgah mənim iki yüz əlli manatım bu saat özümə çatmasa, bu evin palaz-paltarın çölə tullayacağam. Canım, Mirzə Petros bir ağıllı kişidir, doğru deyir. Hacı olub dəli. Dəliyə gərək qəyyum tikilə, ondan sonra mənim pulum özümə çata… Mən onu gözləyə bilmərəm, heç vaxt!

Ə ş r ə f b ə y. Yəqin Hacının sizdə təməssükü var, çıxardın görək.

M a y o r. Əlbəttə var. Onsuz mən bir adama pul vermərəm. Ala. (Verir təməssükü.)

Ə ş r ə f b ə y. Siz də buyuruz: bu bir yüz, bu iki yüz, bu da əllisi… Təvəqqe eləyirəm, bilatəxir təşrif aparasız.

C ə b i (qapını açıb). Ağa, izal olun!

M a y o r. Neylək, eybi yoxdur, qeyri hesablarımız dursun görək. (Gedir.)

C ə b i. Haqqınız çatdı, kifayətdir, buyuruz!.. Buyuruz, ağa!

Ə ş r ə f b ə y. Cəbi, Allahı sevərsən, get darvazanı bağla, dəxi mən təngə gəldim. (Cəbi gedir.)

Ə ş r ə f b ə y (tək). Adın müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin… Bu saat yer üzündə nə qədər müsəlman var, cəmən zəlalətdədirlər… Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb… Elm yox, tərbiyə yox, ədəb yox… Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək… Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah? Yazıq, bədbəxt, biçarə müsəlman!..

C ə b i (tələsik daxil olub). Ay bəy, muştuluğumu ver, Hacı Salman əlində bir kağız “xeyir xəbər, xeyir xəbər” çığıra-çığıra budur gəlir!

Ə ş r ə f b ə y. Heç küyə salma, qoy gəlsin görək nə xəbərdir? (Gedir qapıya tərəf, Hacı Salmanın səsi gəlir.)

Ə ş r ə f b ə y (qapı ağzında). Allah sizi xeyir xəbər eləsin, Hacı əmi, buyurun görək!

H a c ı S a l m a n (daxil olub). Hacı əmin sənə qurban, bu teli bir oxu.

Ə ş r ə f b ə y (oxuyur). Raqim v Batume, qruz bıl zastraxovan 90 tısəça rubley, ura! Mexti. Mehdi yazır ki, Rəhim Batumda, yük straxovoy olunub doxsan min manata.

H a c ı S a l m a n. Yük, yəni barama. Şükür olsun pərvərdigara… Rəhim mənim oğlumdur, Mehdi bacım oğlu… İndi bilirsən, qadonu alım, nə var? Mən burada qala bilmərəm, çünki gərək özümü maşına yetirəm… Sabah sizə tel vurram. Hacı Qəmbərə bu əhvalatı bir növ xəbər verin, bəlkə biçarə kişi bir az özün düzəldə… Hələ ki, xudahafiz. Ev adamların da mənim tərəfimdən mübarəkbad eləyin, gözləri aydın olsun. Hələ ki, xudahafiz! Durmaq yeri deyil.

Ə ş r ə f b ə y. Buyurun, Hacı əmi, Allah sizi xeyir xəbər eləsin. Xoş gəldiz.

C ə b i. Belə sənin kimi kişiyə bu Cəbinin balaları qurban. Get, get, pəhləvanım! Get, nərim, Allah səni şad eləsin.

H a c ı S a l m a n (gedə-gedə). Çox sağ ol, Cəbi, çox sağ ol. (Gedir.)

C ə b i (bərkdən çağırır). Ay xanımlar, gəlin ha, ha! Allah, sənə şükür, qaz vurulub, qazan dolub. Gəlin ha, ha!

(Dilbər xanım, Cavahir və Yetər gəlirlər.)

D i l b ə r x a n ı m. Dilim tutuldu, başınıza dönüm, nə var?

Ə ş r ə f b ə y. Qərq olan barama əvəzində Hacıya qırx beş min manat pul çatır.

C ə m ə n. Allah, sənə şükür! Allah, sənə şükür!

C ə b i. Yol verin, yol verin, ay qız Yetər, belə dur. (Ağzı ilə çalıb-oynayır.)

C ə m ə n. Allah, sənə şükür! Allah, sənə şükür!

Pərdə

İKİNCİ MƏCLİS

Vaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər.

Ə ş r ə f b ə y. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur.

H a c ı Q ə m b ə r. Mən bu sözü səndən bir aydır eşidirəm. Bu gün sabah, bu gün sabah! Pəs bunun axırı nə vaxt olacaq? Doğrusu inanmıram, qardaş. Məni sən heç qınama. Rus işidir, yağmadı, bitmədi… O zaftra, zaftranı mən çox görmüşəm. Ta ki, pul gəlib əlimə çatmasa, rahat ola bilmərəm. Vəssalam.

Ə ş r ə f b ə y. Mən sizi heç qınamıram, ancaq onu mənzur eləyin; həkim bir kəlmə deyir ki, əgər Hacı xiffət eləsə, fikir eləsə naxoşluğu təzədən geri qayıdacaq. Özüvüz bilin.

H a c ı Q ə m b ə r. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, əgər bu iş dürüst olmasa, mən gərək Hacı Salmanı dünya üzündə qoymayım sağ qala. Vəssalam. Zalım oğlu zalım elə “qaz vur, qazan dolsun” deyə-deyə mənim evimi yıxdı.

Ə ş r ə f b ə y. Bu sözü tək mən demirəm, bu xəbəri tamam şəhər danışır. Əgər siz bu tellərə də inanmayanda, mən dəxi bilmirəm sizi nə tövr inandırım.

H a c ı Q ə m b ə r. Əşrəf, sən hələ uşaqsan, dünyanın işin bilmirsən. Hər saatın bir hökmü olar… İşdir, olmadı, olmadı; yağmadı, bitmədi… Mən özümü güclən inandıra bilmərəm!

Ə ş r ə f b ə y. Eybi yoxdur, inanmırsız inanmayın, əlbət pul gələndə inanarsız.

D i l b ə r x a n ı m (daxil olub). Deyirəm, Əşrəf, dünyanın işinə bax, o gün gözümün içinə hırıldayanlar bu gün bilmirlər mənə nə qayda gözaydınlığı versinlər… Məsciddən evə gələnəcən yol uzunu bir arvad qalmayıb deməsin: “A Dilbər xanım, gözünüz aydın olsun, Allaha şükür, pulunuz çıxıb”. Mən də ürəyimdə dedim: “Ölün, canınız çıxsın”.

Ə ş r ə f b ə y. İndi gəl kişini inandır ki, bu xəbər doğrudur.

H a c ı Q ə m b ə r. Allahı sevirsiz, məndən əl çəkin. Nə istəyirsiz? Mən bilirəm mənim evim yıxılıbdır, dəxi artıq danışmaq nə lazım?.. Mən uşaq deyiləm ki, başa düşməyim. Mənə siz təsəlli verirsiz ki, mən artıq fikir eləməyim; qorxursuz ki, naxoşluğum geri qayıda.

Ə ş r ə f b ə y. Pa-a-a, rəhmətliyin oğlu, bizi lap ələ salmısız. Biz şadlığımızdan bilmirik nə eləyək, bu da elə öz dediyin deyir… Vallah, sizin acığınıza Aşıq Vəlini çığırıb burada qiyamət eləyəcəyəm… Axırda görək kim peşman olacaq.

H a c ı Q ə m b ə r. Mənim sizlən işim yoxdur, hər nə istəyirsiz, onu eləyin… Mənim bu işim özü elə bir böyük zurnadır.

Ə ş r ə f b ə y. Çox yaxşı, çox əcəb! İndi ki sizin zurnavuz var, qoy bizim də barı sazımız olsun… Cəbi! Cəbi! (Çağırır.) Bax, bu canım ölsün ki, Hacı Salman elə doğru deyib: qaz vurmusan, qazan da dolub. (Cəbi daxil olur.) Cəbi, get Aşıq Vəliyə deyinən ki, bu saat sazın da götürüb yoldaşlarilə buraya gəlsin.

C ə b i. Bay, sənə qurban olum!.. Bunu çoxdan elə də! Başın üçün, Əşrəf bəy, bu xeyir xəbəri eşidəndən bəri var-yoxumdan əl çəkmişəm. Bax, bircə manat Seyid Əzimə vermişəm, bir üç manat qara pul fəqir-füqəraya paylamışam. Şükür sənə, Allah, gündə min kərə şükür!

H a c ı Q ə m b ə r. Kor nə istər? İki göz, biri əyri, biri düz… Allah eləsin, nə deyirəm?.. İstəyirsiz zurnaçı da gətirin.

C ə b i. Bax belə söylə, mən də deyim ki, bu gün bayramımızdır… Düşməni öldürmüşəm, canına od qoymuşam. Aşıq Vəli qonşuda! Cəbi, vur, bacının toyudur. (Gedir.)

Ə ş r ə f b ə y. İndi mən bilirəm şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb.

D i l b ə r x a n ı m. Hacı Mehdinin arvadı məni görüb deyir: “Ay qız, Dilbər, barı bu xəbər doğru olaydı… Vallah, o qədər şad olmuşam, o qədər şad olmuşam, dəxi nə deyim”. Mən də ürəyimdə dedim: “Yalansa qudurub, çiynini qapasan”.

H a c ı Q ə m b ə r. Ay balam, deyəsən, mən də yavaş-yavaş inanıram axı.

Ə ş r ə f b ə y. Nə lazım inanmaq? Hələ inanmayın. Qoy Aşıq Vəli gəlsin.

D i l b ə r x a n ı m. Bizə nə düşüb görəsən, adam alladaq? Kişi, sən özünü suya batmış toyuğa oxşatdın.

C ə b i (daxil olub). Aşıq Vəli, buyur. Ay uşaqlar, siz də gəlin… Gəlin görək, nə tövr nəğmə başlayacaqsız.

A ş ı q V ə l i (və qeyriləri daxil olub). Salam əleyküm, ağalar…

Ə ş r ə f b ə y. Əleyküm salam, Aşıq Vəli. İrəli gəl görək… Sənə bir az zəhmət verəcəyəm.

A ş ı q Vəli. Hər nə buyursanız, nökəriniz Vəli, can-baş ilən qulluğunuzda hazırdır… Ancaq bir şey ərz eləyim. Məni Cəbi çağıranda ki, sazını da götür gəl, biədəblik eləyirəm, uşaqların anası zəli kimi yapışdı ki, bir az dayan, sözüm var… Arvad, Allaha bax, tanrıya bax, çağırırlar, məndən əl çək, xeyir olmaz, dayan… Rədd ol tünbətünün nəvəsi! Başıma bir qapaz… Dedim eybi yoxdur, sonra hesablaşarıq. İndi başınıza dönüm, qulluğunuza bir neçə kəlmə söz ərz eləyim: hansı arvaddan həzər etmək gərək? Fəda olum, Hacı, bir az başağrısı verəcəyəm, əfv buyurasız… Əlhəmdülillah ki, o xeyir xəbəri ki, mən eşitmişəm, o məni artıq şad eləyib.

D i l b ə r x a n ı m. Hər nə deyəcəksən de, ancaq mən onu bilirəm ki, arvadsız kişiləri qarğalar basıb yeyərdi. Birisi də bax bizim bu kişicığaz.

A ş ı q V ə l i. Hanı elə qarğalar məni basıb yeyəydilər, canım qurtaraydı Pərizadın əlindən? Axmağın qızı dünən mənim üçün başın tərpədirdi. Deyir ki, Səttar kişinin arvadı alışdım-yandımdan özünə libas tikib, nə bilim kimin arvadı qayçıkəsməzdən tuman tikib, kimi zər-zərdən, kimi zərxaradan, kimi gendədurdan, kimi qonşunun canıçıxsından. Nə bilim, başına dönüm, qana da bilmirəm qulaqlarım tıqqıldayır. Deyirəm, ay arvad, nə olsun axı? Deyir belə dərd olsun, vərəm olsun! Sən də aduvu kişi qoymusan? Başıma bir qapaz. Bizim

Pərizad indi belə Pərizaddır. (gülüş)

Ə ş r ə f b ə y. Bəs hansı arvaddan həzər etmək gərək, Aşıq Vəli, de görək.

A ş ı q V ə l i. Ərz eləyim, ay ağalar, o arvaddan həzər etmək gərək ki, sübhdən axşamacan dodağının altında həmişə donquldana.

Ə ş r ə f b ə y. Xalasına lənət!..

A ş ı q V ə l i. Genə o arvaddan həzər etmək gərək ki, təzə ərinin yanında rəhmətlik ərini tərif eləyə.

C ə b i. Bizim Şahsənəm kimi.

A ş ı q V ə l i. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həmişə öz baxtından şikayət eləyə.

Ə ş r ə f b ə y. Afərin, Aşıq Vəli… Dalı gəlsin.

C ə b i. Ağa, birini də mən deyimmi?

H a c ı Q ə m b ə r. Bacarırsan de, Cəbi.

D i l b ə r x a n ı m. Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə!

C ə b i. Al gəldi, Aşıq Vəli! O arvaddan həzər etmək gərək ki, hansı ki əri evə gələndə sımsığın sallaya, əri evdən gedəndən sonra şıllaq ata. (gülüş)

Ə ş r ə f b ə y. Aşıq Vəli, al üstün.

A ş ı q V ə l i. Yenə o arvaddan həzər etmək gərək, Əşrəf bəy ki, cavanlığında min bəd əməl eləyib, axırda mərsiyəxanlıq bina edə.

H a c ı Q ə m b ə r. Mən ömrümdə arvad mərsiyəxanının cəmini elə gördüm. Lənətüllah!..

Ə ş r ə f b ə y. Aşıq Vəli bu gün qiyamət eləyir. Hm, dalı gəlsin!

A ş ı q V ə l i. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həftədə birinə siğə olmuş ola.

C ə m ə n. Xa, xa, xa!..

C ə b i. Aşıq Vəli, demə ki, qanmadı ha, axırda mənə sataşdın. Sən öləsən, hərgah bu söhbəti Bədirnisa xalam eşitsə, sənin bığında bir tük qoymaz qala.

A ş ı q V ə l i (sazı kökləyə-kökləyə). Bədirnisa xala, Əşrəf bəy, bir elə artıq siğə olmayıb. Bir Kərbəlaya gedəndə olub, bir Xorasana gedəndə, bir, iki ya üç mərsiyəxana, bir üç-dörd mollaya, vəssalam. Bir yol da meylində var idi ki, nökərinizə siğə olsun, Pərizaddan qorxdum.

C ə m ə n. Xa, xa, xa!.. Xa, xa, xa…

A ş ı q V ə l i (çalıb oxuyur) –

 
Ey əzizim, uyma bu puç dünyayə,
Axır salar səni yaman sevdayə.
Nazü-nemətinə çox həris olma,
Allanma dövlətə, gəzgilən sayə.
 
 
Təhtanı, fövqani qəsrinə baxma,
Xəz xirqəsinə su kimi axma.
Qızıl eynəkləri fəxr edib taxma,
Mübahat eyləmə zərrin əbayə.
 
 
Bunlarmıdır, gözüm, insana ziynət?
Bunlarla insanlıq olmaz həqiqət.
Lazımdır insana, bil ki, mərifət,
Mərifətsiz vermə ömrün fənayə.
 
 
Adımı soruşsaz, Aşıq Vəliyəm,
Axtarmayın ağıllı, ya dəliyəm,
Nə Bakı, şirvanlı, nə gəncəliyəm,
Hardan olsam, bir bəndəyəm xudayə.
 

H a c ı Q ə m b ə r. Ay sağ ol, Aşıq Vəli. Çox sağ ol, qardaş!.. Yaxşı sözlərdir.

D i l b ə r x a n ı m. Bərəkallah, bərəkallah, Aşıq Vəli!

Ə ş r ə f b ə y. Gəlsin qulluği-şərifinə bir üç danə manat. (Üç manat verir.)

A ş ı q V ə l i. Şərafətiniz artıq olsun, ay bəy! Allah o günü eləyəydi ki, sizin də toyunuzu görəydim.

D i l b ə r x a n ı m. Aşıq Vəli, indicə dedin ki, hansı arvaddan həzər etmək gərək. Əgər hünərin var, de görək kişilərin hansından həzər etmək gərək?

A ş ı q V ə l i. Belə mənim bax bu gözüm üstə! Qulaq as, xanımcan, bir-bir ərz eləyim… Əvvala kişilərin şərir, biirzinə lənət.

D i l b ə r x a n ı m. Qoçum, Aşıq Vəli, çox de!

A ş ı q V ə l i. Üzdə bir, batində qeyriyə lənət!

Ə ş r ə f b ə y. Amin!

A ş ı q V ə l i. Adama ümid-nevid verib, yerindən eləyib, zərərə salıb, axırda sözünə əməl eləməyənə lənət!

Ə ş r ə f b ə y. Vallah, Aşıq Vəlinin bu sözləri layiqdir ki, minbərdən deyilsin. Mərhəba, mərhəba, Aşıq Vəli.

A ş ı q V ə l i. Məqami-ehtiyacda dost olub, sonra dostluğu, aşnalığı kəsənə lənət!

Ə ş r ə f b ə y. Bərəkallah, Aşıq Vəli, de, qardaşım, de!

A ş ı q V ə l i. Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! Ay Cəbi, mən ölüm, əgər acığın tutsa da, Allaha pənah, sənin özünə də lənət ki, Zeynəb arvadın oğlunu, divanda yalandan and içib şəhadətlik edib, vilayətdən yox elədin! Biçarə arvad əli qoynunda, nalə edə-edə qalıbdır.

C ə b i. Odur ki, Allah məni gündən-günə zəlil edir də! Doğru deyirsən, Aşıq Vəli, Allah səbəbə lənət eləsin.

H a c ı Q ə m b ə r. Bu söhbəti qoyun dursun… Aşıq Vəli, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Başla görək, qəza başımıza nə gətirəcək.

A ş ı q V ə l i (çalıb oxuyur) –

 
Ay ağalar, qulaq verin ərzimə,
Sizlərdən elərəm bu iltiması.
Cəhd eləyin dünyayə bənd olmayın,
Heç kimə olmayıb dünya vəfası.
 
 
Allanma dünyanın mülkü malına,
Nə qədər çox olsa, çoxdur cəfası.
İnsanın ziynəti elmdir, ədəb,
Nə xirqəsi xəzdən, tirmə libası.
 

H a c ı Q ə m b ə r. Çox sağ ol, Aşıq Vəli, çox sağ ol.

Q ı d ı k i r v ə (daxil olub). Adə, nə çox adam vaaar!.. Hacı Qəmbər kirvə, Allah saxlasun, bağışla bir az vurmuşam, kepim kökdür… Xanım, Allah saxlasun… Paaa, Əşrəp bəy, Əşrəp bəy, Allah saxlasun! Kepin-damağın, Allah səni də saxlasun, ay Cəbi… Allah sizi də saxlasun, ay uşaqlar! Allah məni də saxlasun. Bir az vurmuşam, bağışlayın.

H a c ı Q ə m b ə r. Necəsən, ay kişi, çoxdandır səni görmürəm. Necə dolanırsan, qocalmamısan ki?

Q ı d ı k i r v ə. Allahın dövlətindən kepim çox yaxşıdır… Bir az da vurmuşam, pışdırım çalıram. Gecə-gündüz dəyirman işləyir, qatırlarım saz, kepim saz. Tut arağı bol, çaxır bol, kartoflu qazan da ocaq üstündən düşmür… Əşrəp bəy kimi otuz qonaq gəlsə, qonşuya getmərəm, dükana getmərəm, elə toyuq kəsərəm, biri bir quzu kimi.

Ə ş r ə f b ə y. Allah eləsin, Allah eləsin, ay kişi. Eşitdim özün də bir cahıl arvad almısan, doğrudurmu?

Q ı d ı k i r v ə. Ərz eləyim qulluğuva. Elə ki, bizim pağır qarı Allah rəhmətinə getdi, gördüm ki, dolana bilmirəm. Əlacımı Allah kəsdi, getdim bir qocapəndi dul arvad aldım gətirdim. İndi kepim saz, öz qarımla dolanıram.

Ə ş r ə f b ə y. Ay Qıdı kirvə, eşitmişəm ki, sən bizim Hacıyla lap uşaqlıqdan aşnasan, doğrudurmu?

Q ı d ı k i r v ə. Mən sənə bir-bir nağıl eləyim, Əşrəp bəy, sən də qulaq as, kepin kök olsun… Mən Hacını on iki yaşından tanıyıram. Mənim rəhmətlik atam, Allah sizinkinə də rəhmət eləsin, sağ idi… İki də eşşəyimiz var idi. Mən buğda daşıyırdım dəyirmana. Hacı həmişə bizim kəndə gələndə bizim otağa düşürdü… Belədir, Qəmbər?

H a c ı Q ə m b ə r. Belədir… Doğrudur.

Q ı d ı k i r v ə. Buna mən bu gün elə Hacı deyirəm ha. Həmişə mən Qəmbər deyirəm. Qulluğuza ərz eləyim, Əşrəp bəy, bu cahıl vaxtı bir laçın oğlandı, bir laçın oğlandı ki, bərabəri yoxdu… Əşrəp bəy, bir az səbr elə, bir burunotu çəkim. (Yavaş-yavaş burunotu çəkir.) Mən özüm də çox qoçaqdım ha! Elə indi bu saat da genə zalım adamam… Müsəlmanlar yorğan-döşəkdə xoruldaya-xoruldaya yatan vaxt mən şəhərə gedib, ev yiyəsini güclən durdurub, dən apararam dəyirmana… Qol yoğunluğunda buğlarımdan buz sallana-sallana gecələr iş görərəm… Bu Hacını görürsən, Əşrəp bəy? Ha bunun anası ölsün, bir belə zalım oğlan heç olmaz idi. Vallah, elə gecələr ki, göz-gözü görmür, yağış göydən tökülür, elə bil ki, sel gəlir, görürdüm ki, Qəmbər qabağında bir eşşək, suyun içində, budur gəldi… Qıdı, qapını aç! Rəhmətlik atam deyirdi ki, balam bu gədə dəlidir, nədir… Belə gecələrdə çölə çıxmaq olar ki, bu səpərə çıxır?

D i l b ə r x a n ı m. Amma indi ikicə qara pula dəyməz.

Q ı d ı k i r v ə. Yox a! Elə genə kalapası durur… Bir gün, Əşrəp bəy, Qəmbər dalında bir dağarcıq dən gətirib, mən də dəyirmanda… Səbr elə, burunotu çəkim… Haa… gəldi ki, Qıdı, bu dəni gərək üyüdəsən! Dedim, ada, görmürsən ki, təknə doludur?! Yox, olmaz… Bu dedi, mən dedim, axırı ki, özgənin sarı buğda unuyla dağarcığı doldurmuşam ki, get! Hələ getməyəcəyəm… Gərək bir kömbə də yeyim gedim! Ada, Allaha bax ki, vallah olmaz… Olmadı, kömbə də bişirdim… Peşman oldum dedim ki, “durum içim arağı”. Qəmbər başladı “sonra qırxgilən parağı”. Ada, parax nədi? Ki, bəs it adıdır… Bi!.. Sənin evin yıxılsın gədə! İndi başına dönüm, Əşrəp bəy, bu Qəmbər belə Qəmbər idi… Baxışlayasız, çox naqqallıq elədim, gedim görüm qatırlarım necə oldu.

C ə m ə n. Xoş gəldin. (Qıdı gedir.)

A ş ı q V ə l i. Ağalar, mən də qulluğunuzdan mürəxxəs olum.

Ə ş r ə f b ə y. Xoş gəldin… Allah qoysa genə görüşərik. (Aşıq Vəli Cəbiynən gedir.)

H a c ı Q ə m b ə r. Mən bir belə dayanatdı erməni görməmişəm. Bunlar mənə o qədər hörmət ediblər ki, ölənəcən yadımdan çıxmaz.

Ə ş r ə f b ə y. Görünür ki, qoçaq adammış. Görəsən bunun bir yetmiş sinni olarmı?

H a c ı Q ə m b ə r. Gərək artıq olsun.

C ə b i (hövlnak daxil olub). Ağa, sənə qurban olum, Hacı Salman elə gəlir, elə gəlir, ildırım kimi!

Ə ş r ə f b ə y. Əlhəmdülillah!

H a c ı Q ə m b ə r. Qabağa çıx, ay gədə, tez ol! Ya Allah, sən özün rəhm elə!

H a c ı S a l m a n (içəri girməmiş). Cəbi, ay gədə, Hacı evdədirmi?

C ə b i. Evdədir, başına dönüm, evdədir. Buyur, buyur, sənə qurban olum.

(Hacı Salman daxil olur, əlində qayış torba. Hacı Qəmbər və Əşrəf bəy ayağa dururlar.)

H a c ı S a l m a n (kənardan). Tö ani ki gofti ki, ruyintənəm, bülənd asiman bər zəmin əfkənəm? Hə, necəsən, yassar kişi? Qorxaq kişi! Dəxi mənəm-mənəm deməyəcəksən ki? Əşrəf bəy, salam əleyküm.

Ə ş r ə f b ə y. Əleyküm salam. Hacı əmi, özü doğru, sözü doğru, biəvəz kişi!

H a c ı S a l m a n (əlin Hacı Qəmbərin çiyninə qoyub). Hacı yoldaş, dəxi bundan sonra başına hava gəlməyəcəkdir ki? Bazara çıxıb məni söyməyəcəksən ki? De görüm!..

H a c ı Q ə m b ə r. Keçənə güzəşt deyərlər. Bəri gəl üzündən öpüm!

H a c ı S a l m a n. Nə tövr ki, sənin xahişindir. (Öpüşürlər.) Əşrəf bəy, sənin canın üçün, maşından düz buraya gəlmişəm, heç evdən xəbərim yoxdur. Dedim ki, gərək qabaqcan kişini sakit edəm, sonra evə gedərəm… İndi, Hacı qardaş, bu pulu say, mənə də bir qəbz şəfaət elə, sonra qulluğunuzdan mürəxxəs olum… Evdə də bilirəm nigarandırlar.

(Hacı Qəmbər pulu sayır.)

Ə ş r ə f b ə y. Bu gün sabahdan indiyə kimi Hacını inandıra bilmirəm ki, siz gələcəksiniz və qırx beş min manat pul gətirəcəksiniz.

H a c ı S a l m a n. Zarafat iş deyil, Əşrəf bəy, qırx beş min manat ağızda deyilir. Siz onu heç qınamayın.

1.Səktə – fasilə.

Bepul matn qismi tugad.

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
440 Sahifa 1 tasvir
ISBN:
978-9952-8450-9-0
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar