Kitobni o'qish: «Hüseyn Cavid haqqında xatirələr»

Shrift:

«Xatirə Ədəbiyyatı» silsiləsindən 8-ci kitab

© Mişkinaz Cavid / Turan Cavid / Hüseyn Cavid haqqında xatirələr

© "XAN" nəşriyyatı / Bakı / 2020 / 120 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Hüseyn Cavid


İblis nədir? Cümlə xəyanətlərə bais! Ya hər kəsə xain olan insan nədir? İblis!


Həyat və yaradıcılığın bütövləşməsi

Təkcə dövrünün yox, məhəlləsinin yox, regionunun yox bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.

Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər. Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tolstoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.

Hüseyn Cavid (1882–1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin banilərindəndir. Onun "İblis", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur", "Xəyyam", "Səyavuş" kimi pyesləri dünya ədəbiyyatının incilərindəndir.

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavid əsas qayəsi, ideyası kimi humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələrinə sevdirməyi bacaran bir sənətkardır.

* * *

Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun səmadan yerə enişi və batışı olmadı. O, sonməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında daşlaşmış ehkamları bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.

Cavidin yaradıcılığı romantik ideyalar üstündə qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qayğılarından bəhs edən "Ana" nı, "Uçurum" u, istər yerlə göyün vəhdətini ifadə edən "Şeyx Sənan" ı, istər insan, mələk, tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən "İblis" i, "Peyğəmbər" i, "İblisin intiqamı"nı, istərsə də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu "Topal Teymur", "Xəyyam", "Səyavuş" kimi əsərlərində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən utanmır, əksinə dərs alır və bəzən də qürurlanırıq. Bu Cavid həqiqətidir, bu Cavid fəlsəfəsidir, bu Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və qürurla qucaqlaşmış, bütövləşmiş halı…

Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, humanistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəxsiyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Cavid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlardandır.

Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxılmasını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər represiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur. Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü. Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımlara, nə də böyük partlayışlara gözü qamaşmamış özünün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadır.

Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, "Peyğəmbər" kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Siyavuş və Azər kimi Odla suyun qovuşduğu torpaqdan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq öz paklığı və idraki ilə mübarizə aparan olduğunu görmüş olarıq. Cavid sanki yaradıcılığında da öz taleyini yazmışdır.

Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Mişkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin yanında olanların bir gündən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan cavidlər ailəsinin keşməkeşli həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Mişkinaz xanımın 1973- cü ildə qələmə aldığı "Cavid haqqında xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yanvar 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdirməyi düşündük.

Cavid haqqında xatirələr nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Mişkinaz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar görmələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərsə günahlandırılmır.

"XAN" nəşriyyatının "Xatirə ədəbiyyatı" silsiləsindən VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabsevərlərin, Cavid sevərlərin ürəyincə olacağına da əminik.

ŞƏMİL SADİQ
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Cavid


I hissə
Cavid haqqinda xatirimdə qalanlar

Mişkinaz xanımın xatirələri

Mən Cavidin bacısı qızı1 ilə yaxın rəfiqə idim. Həm də qonşu idik. Cavidin bacısı həmişə öz ürəyində deyirmiş ki, kaş Hüseyn gələydi, Mişkinazı ona alaydım.

O zaman Cavid Bakıda müəllimlik edirmiş. Cavid elə bu vaxt kitablarından bir neçəsini çapa veribmiş. Fikrində tutubmuş ki, kitablar çapdan çıxar, ev-eşik düzəldib sonra da evlənərəm. Sən saydığın qoy dursun, gör fələk nə sayır. Cavid bu fikirdəykən Bakını od-alov içində görür. Mətbəəni yandırırlar…

1918-ci ilin martında olurmuş Təbriz mehmanxanasında. İndiki Sabir bağından bir az aşağı tərəfdə beş-on başıboş erməninin sərəncamı ilə günahsız insanları vəhşicəsinə qırır- mışlar. Bu vaxt mehmanxananı mühasirəyə alırlar. 70 nəfərdən ibarət olan sakinlərini əsir edirlər. Əsirləri indiki opera və balet teatrına2 aparırlar.

Cavid özü belə nəql edirdi:

– Ermənilər içəri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm bublikim vardı, onu da götürdüm. Oradakılardan biri:

– Sağ qalmağa ümidin varmı? – dedi.

– Çıxmayan cana ümid çoxdu, – dedim.

Yolun hər ayrıcında bizi aparanlar çəkilirdilər kənara və əsirləri atəşə tuturdular.

Bizi aparanlardan biri hər dəfə məni də özü ilə bərabər çəkirdi kənara. Birisi isə qabağa itələyirdi. Elə bu vaxt məni qabağa itələyən adama güllə dəydi. O biri isə deyirdi: "Gərək bu işi başlayanlar öləydilər".

70 nəfərdən qaldıq 10 nəfər, hamısını yolda qırdılar…

Heç kəsin yadına yemək düşmürdü. Gətirdiyim bublikləri Seyid Hüseynə verib:

– Elə et ki, bir neçə günə çatsın, – dedim.

Bir həftədən sonra bizi azad etdilər.

Çıxdım. Ev yox, pul yox. Nə edim? Saatımı verdim bir nəfərə, dedim ki:

– Əgər pulunu qaytarsam, verərsən, qaytara bilməsəm, saat sənin olsun.

O pul ilə birtəhər gəlib çıxdım Naxçıvana.

…Bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu Cavidə bildirir. Nə qədər tərifləyir, nə qədər yalvarırsa razı sala bilmir ki, bilmir. Cavid şərt kəsir:

– Gərək özüm görəm, görməsəm "hə" deyə bilmərəm.

Böyük qardaşının arvadı deyir:

– Mişkinazı çağırım gəlsin bizə, deyim, gəlsin, mənim tikiş maşınıma baxsın. Sən də onu orda görərsən.

Müsahibim olmadığı üçün onlara yaxın get-gəlim yoxdu. Bir gün qardaşı arvadı bizə gəldi. Anama:

– Maşınım yaxşı tikmir, olarmı Mişkinaz bizə gedib maşına baxsın?

Getdim. Böyük bir evdi. Yarı hissəsindən o yana iki dənə böyük sandıq qoyub üstünə yük yığmışdılar. Cavid də oturub yükün arxasında. Məni də üzü yükə tərəf oturtdular. Demə işıq dal tərəfdən düşdüyü üçün məni yaxşı görə bilmir, ona görə də razılıq vermir. Bir-neçə gün götür-qoy edirlər. Axırda o qərara gəlirlər ki, məni bu dəfə də bacısıgilə çağırsınlar.

…İçəri girəndə gördüm, samovarı qoyub, dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturtdular. Sən demə, Cavid də o biri evdə qapının arasından baxırmış.

Razılıq verir. 1918-ci ildə evləndik.

Mən savadsız idim.3 Oxumaq, savad almaq çoxdankı arzum idi.

Gələndən bir neçə gün sonra, Cavid mənə dərs verməyə başladı. Özü də məktəbdə müəllimlik edirdi. Bir neçə aydan sonra onu maarif idarəsi tərəfindən Bakıya göndərdilər. Oradan böyük qardaşına məktub yazır: "Münasib bir adamla Mişkinazı göndər".

Cavidin kiçik qardaşı ilə, onun ailəsi də bizimlə bir yerdə, Bakıya gəldik. Necə gəldik? Naxçıvandan Tiflisə dörd-beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin ağır vaxtlarıydı. Qatar gündüzlər gedir, gecələr dayanırdı. Üç günlük yolu bir həftəyə gəlib çıxdıq Bakıya. Kiçicik bir ev kirələdik. Evdə heç bir şey yoxdu. O çətinliklə ki, biz gəlmişdik, evə dair heç bir şey gətirə bilməmişdik… Cavid orta məktəbdə dərs deyirdi. Axır vaxtlar isə dərsi çox azaldı, vəziyyətimiz günü-gündən ağırlaşdı.

Bir dəfə evdə oturmuşdum. Gəlib gördü ki, bikefəm. Dedi:

– Bax, əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şeir yazmaq lazımdı.

– Canın sağ olsun. Həmişə belə olmayacaq ki…

"Qaçqın" şeirini o vaxt yazmışdı.

Maarif idarəsi tərəfindən guya nəzərə alaraq ona qız məktəbində əlavə dərs verdilər. Molla oğluydu deyə, şəriət müəllimi təyin etdilər. Buna çox əsəbiləşdi. Ona baxmayaaq, dərs deməyə getdi. Getməmək mümkün deyildi. Heç yerdən bir gəlir yox idi…

Cavid deyirdi:

– Sinifə girdim. Dedim, qızlar. Məni sizə şəriət dərsi demək üçün molla göndəriblər. Ancaq mən molla deyiləm.

Qızlardan biri:

– Yox, biz istərdik ki, siz bizə ədəbiyyatdan dərs verəsiniz, – dedi.

– Mən də o fikirdəyəm, – dedim.

Bir neçə gün belə dərs dedim…

Bir gün müdir məni çağırdı:

– Cavid əfəndi, bu necə dərs verməkdi?

– Mənim şəriət dərsim budu.

O gündən dərs kəsildi.

* * *

1920-ci ildə xəstələndim.

Bir gün kitablarından bir neçəsini ayırdı. Soruşdum:

– Onları neynirsən?

– Bir nəfər istəyib, ona verəcəm, – dedi.

Kitabları götürüb getdi. Bir neçə saatdan sonra gəldi. Mənim dərmanımı, qənd, çay, çörək, ət alıb gətirdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim. Amma çox fikirliydi. Çünki hər kitabı bir neçə dəfə əlinə alıb yerə qoyurdu. Ağladım. Məni ağlayan görüb:

– Adam dar gündə dözümlü olar. Həmişə belə olmayacaq ki, – dedi.

– Sən darıxdığın üçün ağladım…

– Keçib gedər, darıxma. Dar günün ömrü az, acısı çox olar.

Amma özü daha çox qəmgin idi.

Bir azdan uşaq da xəstələndi. Ağ yun parçadan kostyumu vardı. Onu istədi:

– Verim, satsınlar… Ancaq daha ağlamayasan.

– Yox, daha ağlamaram. Uşaq xəstədi. Ona xüsusi yemək, dərman lazımdı.

Uşağın biri öldü.4 Belə ağır bir vəziyyətdə Cavid üçün işləmək çox çətin idi. O ərəfədə yazdığı bir əsərini cırıb atdı:

– Belə bir ovqatda yazılan əsər heç nəyə yaramaz, – dedi.

Xeyli əziyyətlərdən sonra onu Darülmüəlliminə müəllim təyin etdilər. Get-gedə vəziyyət dəyişdi.

Cavid sənətini çox sevirdi. Bir əsərinin üzünü dönə-dönə köçürərdi. Özü istədiyi kimi tamam hazır olmayınca üzə çıxarmazdı. Əl yazısı nə qədər qatmaqarışıq olurdusa, üzünü köçürəndə o qədər təmiz, o qədər səliqəli olardı ki, elə bil çapdan çıxıb. Dəftərin üstünə suçəkən kağız qoyardı ki, ləkə düşməsin. Əksərən gecələr işlər, gündüzlər üzünü köçürərdi… Yazı masası o biri evə keçən qapının yanındaydı. Evin quruluşunu dəyişmək mümkün deyildi. Ona görə də işlədiyi vaxt çox gir-çıx etməzdim. Uşaqları ona mane olmağa, səs salmağa qoymazdım. Bir gecə uşaqlar yatmışdılar, mən də oturub kitab oxuyurdum. Bir az sonra durub o biri evə keçmək istədim. Baxıb gördüm elə məşğuldu ki, keçmək mümkün deyil. Nə qədər yavaş keçsəm yenə fikri dağılacaq… Əl hərəkətləri ilə kiminləsə danışırmış kimi hərəkətlər edirdi. Qayıdıb yerimdə oturdum. Kitabın vərəqini çevirməyə də ehtiyat edirdim ki, birdən fikri dağılar. Bir xeyli sonra ayağa qalxdı. Gördü ki, oturmuşam. Soruşdu:

– Sən yuxusuz qaldın, niyə gedib yatmadın?

– Qıymadım. Sənin fikrini dağıtmaq istəmədim.

– Bu gecə çox yaxşı işlədim. Onun da səbəbi sən oldun. Sənə qurban olum, sən olmasan mən ölərəm.

Həmişə belə deyərdi. Hər gün nahardan sonra bir-iki saat yatardı. İşləməyə başlamazdan əvvəl arada bir fincan tünd qəhvə içərdi, ayaqlarını isti suya qoymağı çox sevərdi. Özünün xəbəri olmadan hazır edərdim, əziyyət olmasın deyə, razı olmazdı. O gün də belə etmişdim. Həmişə çalışardım ki, o rahat olsun. İşləyən vaxt heç kim ona mane olmasın.

Çox əsəbiydi. Deyərdi ki, sənin iki yox, üç uşağın var, – özünə işarə edərdi, – biri lap cəncəl, nadincdi. Bir qonaqlığa, ya bir toya gedəndə deyərdi:

– Gec gedib, tez gələk. Adam da dörd-beş saat bir yerdə otura bilər?

Amma işlədiyi vaxt nəinki üç-dörd saat, ondan da çox oturduğu vaxtlar olurdu.

İstirahətə və sağlamlığa fikir verərdi. Deyərdi:

– Sağlam bədəndə sağlam fikir olar. Çürük ağacın çürük də meyvəsi olar. Geyimin sadə olmasının eybi yoxdu, mümkün qədər o da yerində olsa daha yaxşı.

Bir dəfə ayaqqabısı və kostyumu çox köhnəydi. Ha fikirləşirdim necə edim ki, heç olmasa ikisindən birini ala bilim. Özünə deyəndə cavab verirdi ki, özün bil, ancaq bazardan kəsmə, bir az gözlə.

Bir qədər sonra gedib bir cüt ayaqqabı aldım. Sabahı gün geyib getdi. Evə gələn kimi dedi:

– Sağ ol ki, bu ayaqqabını aldın. Bu gün bir neçəsi dedi ki, bax, Cavid Əfəndi, bu sənə yaraşır, o nə idi geyirdin?

Mərdiməzarlara, evyıxanlara lənət! Zaman gəldi, həmin ayaqqabıya pənah gətirdim.

Yay mövsümündə, bağda üzümü dənəli, qabıqlı yeməyə qoymazdı. Deyərdi:

– Sıxın, suyunu için.

Bir də görürdün qollarını çirmələyib üzümü yığıb çilovsüzənə, ləyəni qoyub altına sıxır və deyir:

– Tənbəllik içinizi alıb, hər gün belə etmək lazımdı.

Qəndlə şəkərə fərq qoyardı. Deyərdi:

– Bəzən şəkər təmiz olmur. İmkan daxilində qənd al.

– Mümkünüm olaydı, bütün ehtiyacı olanlara kömək edə biləydim. Ən çətin iş odur ki, ürəyindən keçə, imkanın olmaya.

Cavidin bacısı deyirdi:

– Hüseyn uşaq vaxtı çox nadincdi. Məktəbə gedəndə qonşu arvadların hamısı deyirdilər: "Heç olmasa, gündə uşaqlarımız bir neçə saat rahat olarlar". (Sakit oturduğu vaxtlar anası onu belə əzizləyərmiş: "Ay qara Hüseyn, göy Hüseyn, uşaqları döy Hüseyn").

O nadincliyindən yenə də qalmışdı. Gecə vaxtı bir yerdən gələndə, tanış bir qapıdan keçəndə qapını döyərdi. Uşaqlar nadinclik edəndə deyərdi:

– Darıxma, nadinc uşaq yaxşıdı. Ziyanəvər, mərdiməzar yox, ağıllı, xeyirxah olmalı.

* * *

Cavid ən dəyərli, qayğıkeş, qədirbilən bir ailə başçısıydı. Yadıma gəlmir ki, mən səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durar, onların çay-çörəklərini verib yola salardı…

Cavid haqqında yazılan xatirələrdən

1961-ci ildə Abdulla Şaiq "Xatirələrim" adlı kitabçasında yazır ki, guya Cavidin yaxşı səsi olubdu, atası ilə şəhərbəşəhər gəzib, atası mərsiyə deyər, bu da sinəzən oxuyarmış. Guya Cavid alver də edərmiş…

Cavidin nə səsi vardı, nə də alver etməyi bacarardı. Bir neçə dəfə bazarlıq etməyə getdi: heç birini bacarmadı. Demək olar ki, o kitabda Cavidin tərcümeyi-halının yarıdan çoxu yanlış yazılıb.

Cavidgil üç qardaş, üç bacı olublar. İki qardaş ikinci arvaddan olub. İkinci arvaddan olanın böyüyünün yaxşı səsi vardı. Atasıyla gedən də o idi. Sonralar yaxşı mərsiyəxan oldu.

Axır vaxtlar bəzi xatirələri xatirə yox, xətalar adlandırmaq daha düz olar. Xatirə o deməkdi ki, nöqtəbənöqtə dəqiq olan bir işi, bir hadisəni, bir sözü onu eşidən, oxuyan gözüylə görmüş kimi canlandırsın.

Gələcək nəsil o xatirələri oxuyub ürəkdən sevdiyi bir sənətkar haqqında nə qədər kəmiltifat olacaq…

Məncə, yazıb çapa verəndən çox, onun düzgün olub-olmadığını yoxlamadan qəbul edib, mətbəəyə göndərənin səhvi daha çoxdu. Hal həyatda olanlara nə qədər ağır təsir edirsə, gələcək nəslə, bir tədqiqatçıya keçilməz bir körpü olacaq. Ələlxüsus tanınmış qələmlərdən çıxa.

1970-ci il iyul ayının 4-də "Ədəbiyyat və incəsənət" qəzetində Sabit Rəhman dəqiq bilmədən yazır. Amma mən Cavidlə 1918-ci ildən bir damın altında yaşamışam. Onu bir dəfə də olsa başını ülgüclə qırxılmış görməmişəm. Başının qabaq tərəfdən tükləri tökülmüşdü. Qalan tükləri də elə gur deyildi. Yazır ki, sürmeyi papaq qoyardı… Amma o həmişə buxara papaq qoyardı. Axır vaxtlar qara kepka qoyardı. Son zamanlarda dəvə yunu rəngində bir panaması vardı, hərdən onu qoyardı. Sabit Rəhman yazır: "Həyatının son dövrlərində onda xalqa, vətənə məhəbbət güclənmişdi. Yadımdadı ki, böyük şairin söhbətlərində yavaş-yavaş "Naxçıvan", "Bizim Naxçıvan" ifadələrini eşitmək olurdu".

Desəm ki, Cavid qədər xalqına, elinə bağlı ikinci bir adam yoxdu, bu, ən doğru söz olar. Onda dar çərçivə, sənin, mənim, şəkili, bakılı, naxçıvanlı, gəncəli, yerli sözü yoxdu… Deyərdi: "İçəri şəhər, bayır şəhər davası eləyirlər, bu faciədi, gələcəyə, gəncliyə ən ağır bir zərbədi. Keçmişdə "ağıllı" ruhanilərimiz bu milləti sünni-şiə deyib iki hissəyə ayırdılar. İndiyə qədər o yara sağalmayıb. Düşüncəsiz qalıqlar bunun nə olduğunu bilmədən hələ də davam etdirirlər.

1927-ci ildə yayda biz Şüvəlan bağındaydıq. Bir gün ev sahibi oğluna qışqırıb ağzına gələn nalayiq sözlərlə söyüş söyürdü:

– Ədə, o maştağalı balası idi, niyə onu vurub öldürmədin. Hələ o buzovnalı da ona kömək edirdi.

Cavid balkonda oturub işləyirdi. Bu sözləri eşidib… başını tutdu və:

– Bu bədbaxt millət, zavallı gənclər… Ağsaqqal ata oğluna tərbiyə verir.

Dəftəri-qələmi götürüb qoydu bir tərəfə, fikirli oturdu. Bir nimçə üzüm gətirib qoydum, dedim ki, darıxma, bunları düzəltmək çox çətindi. Qabdakı üzümə baxıb:

– Səni keyfiyyətli yetişdirdiyi kimi övladını tərbiyəli, vətənpərvər yetişdirsəydi, daha səmərəli olardı,-dedi.

Bir neçə gündən sonra bağ sahibi əlində bir salxım kiş-mişi üzüm gəldi. Cavid oturub işləyirdi.

Dedi:

– Mirzə, gör necə üzüm yetişdirmişəm? Niyə belə bikefsən?

Cavid dedi:

– Kərbəlayi, səndən bərk incimişəm. Ona görə də bir-neçə gündü ki, çox narahatam. Buyur, əyləş.

Kişi pərt olmuş halda:

– Mirzə, Allah eləməsin ki, mən sizi incidən bir iş görüm.

– Tək mən incimirəm, övladına verdiyin tərbiyə onun nəvələrinin nəvələrindən də çox-çox uzaqlara gedib çıxacaq.

Kişi:

– Aa… vaxsey, mən nə etmişəm ki?

Cavid:

– Ən böyük fəlakət odur ki, nə etdiyini bilmirsən. Bir neçə gün bundan əvvəl oğlunu söyüb deyirdin ki, filankəs maştağalı balasıdı, vur ölsün. O kimdi? Sən kimsən? Mən kiməm? Bir vətən övladı. Maştağa, Buzovna haradı? Az qala çağırsan səsin çatar. Hamısı bir torpaq deyilmi? Zəhmətinin səmərəli bar verməsinə nə qədər sevinirsən. Amma övladına verdiyin tərbiyədən xəbərin yoxdu. O, nə ruhda övlad böyüdəcək.

Kişi dinməzcə oturmuşdu. Bir az əvvəl əlində sevinə-sevinə gətirdiyi üzümə baxdı, bir də Cavidə baxdı. Dərindən bir ah çəkib dedi:

– Mirzə çox gözəl və qiymətli kəlamlardı. Bizi nadan böyüdən böyüklərimizin böyüklərinin qabırğasına çər dəyəydi. Nə qanıblar, nə də qandırıblar. Nə yazıq millət olmuşuq. Rəhmətlik nənəm deyərdi ki, əmisi maştağalı bir qızı istəyirmiş. Atası razı olmur. Deyir maştağalı qızla evlənmək olmaz. O da ölənəcən evlənmir. Qız da ərə getmir. Otuz yaşına çatanda qız rəhmətə gedir. Əmisinin yaxın bir dostu varmış, bir neçə ildən sonra gedir onlara, orda xəstələnir. Dostuna deyir ki, mən öləndə məni burda, Maştağa qəbiristanında dəfn edin. Atası bu sözü eşidib adam göndərir, onu azarlı-azarlı gətirdib deyir: "Ölürsən, burda öl. Ürəyinə ox maştağalıların. Guya çox xoşum gəlirdi onlardan… Ölünü də orda qoymaram". Öləndə bacısını çağırıb deyir: "Bacı, sən Allah, yadından çıxmasın, mən öləndə Leylanın torpağından bir ovuc gətirib tök mənim qəbrimə. Atam orda yatmağa da qoymadı". Bacısı elə də edir. Hələ qızın bir dəsmalını da giz-lincə kəfənin altından qoyur ürəyinin üstünə. Mirzə, başağrısı verdim. Belə-belə dərdlərimiz var. Biz də anlamadan o yolu gedirik. Böyük gəlin mərdəkanlıdı, hələ iki nökərin də var. Onlara da tapşıracam, (bəlkə, o vaxtacan mən öldüm) biri maştağalı qızı alsın, biri də buzovnalı qızı. Mirzə, Allah sənə uzun ömür versin. Sən kitab yazansan, bu əhvalatı yaz, bəlkə mənim kimi yatanlar oyana. Mirzə, suyumuz başdan lilli gəlir. İndi gərək cavanlar o suyu durulda ki, əmi kimi nakamlar olmaya".

Cavid dedi:

– Kərbəlayı, kaş yatanlarımız sizin kimi tez ayılaydılar.

* * *

Abbas Mirzə Şərifzadə Cavidlə çox yaxın dost idi. Bizə tez-tez gələrdi. Oturub saatlarnan söhbət edərdilər. Bizim evin içindən dama çıxmaq üçün pilləkən vardı. Damda xalça salıb balaca samovarı yanlarına qoyub oturardılar.

Bir dəfə Mərziyə xanımla gəldi. Nahardan sonra Cavid üzünü Abbas Mirzəyə tutub dedi:

– Abbas, səncə çayı harda içmək yaxşıdı?

O da üzünü pəncərəyə tutub gülə-gülə:

– Göy çadırın altında, parlaq ulduzların işığında.

Mərziyə xanım gülüb dedi:

– Abbas, deyəsən, şairliyə keçirsən?

– Dayan, bir azdan sən də şairə olacaqsan.

Xalçanı salıb samovarı qoydum. Doğrudan da, Mərziyə xanımın çox xoşuna gəldi.

Saat doqquzda Mərziyə xanım dedi:

– Abbas, Firəngizin yatan vaxtıdı.

Abbas Mirzə əlini qaldırıb sayrışan ulduzları, al-əlvan elektrik lampalarını göstərdi:

– Bir bax, yatanları oyatmaq lazımdı, nəinki sən oyaqları yatızdırırsan.

Mərziyə xanım:

– Doğrudur, belə mənzərələrdən, işıqlı dünyadan binəsib qalan günlərimiz olacaq.

Cavid dedi:

– Heç hənanın yeridi?

Gülüşdülər.

Abbas Mirzə Mərziyə xanıma:

– Dedim axı, sən də şairə olacaqsan.

Saat on birə qədər oturdular.

…Cavid sənəti və sənətkarı çox sevərdi.

Cavidin əsərləri tamaşaya hazırlanan vaxt hər gün məşqlərə gedərdi. Abbas Mirzə məşq zamanı bizə tez-tez gələrdi. Bəzi qeydlər götürər, məsləhətlər alardı.

İsmayıl Hidayətzadə "Səyavuş"u hazırlayan vaxtdı. Bir gün Cavid evdə oturub işləyirdi. Bu zaman Abbas Mirzənin səsi eşidildi. İsmayıl Hidayətzadə ilə gəlmişdilər. Qapıdan daxil olan kimi salamdan əvvəl İsmayıl dedi:

– Cavid əfəndi, sənin bu Səyavuşunu Kərşivəzdən əvvəl mən öldürəcəm.

Abbas Mirzə:

– Mən hazır. Qoy məni dost öldürsün.

Cavid:

– Unutma ki, dost yarası sağalmaz olur.

İsmayıl dedi:

– Hə, atalar düz deyib: "Allah, sən məni dostlardan qoru, düşmənlə özüm bacararam".

Oturub xeyli söhbət etdilər.

Atatürk: «İblis» Dəki Elxan mənəm

Cavidin əsərlərini çoxları, demək olar ki, hamı sevə-sevə oxuyub, səhnədə tamaşa edib, hədsiz zövq alıb. Cavid nəinki Azərbaycanda, Azərbaycandan kənar qonşu ölkələrdə də sevilir.

İbrahim Əbilov Cavidə deyirmiş ki, mən Türkiyədə olanda Mustafa Kamal "İblis" i tamaşaya qoydurar və deyərdi:

– Ordakı Elxan mənəm.5

1937-ci il

…Ümid edirdim ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək. Göz yaşımı siləcək. Keçirdiyim günlərimi qələmə alacaq. Əfsus ki, o yola gedən gəlməz imiş. Mən ən dəyərli bir evin sahibəsi, ən qiymətli bir alim ailəsi, oğul-qız anası bəxtəvər bir qadın idim.

…Xoşbəxt ailəmizi, şöləli yanan çırağımızı görünməz xain əllər dağıtdı, qaranəfəslilər üfürüb söndürdü.

1937-ci il üç, iyun. Həmişəki kimi şad və gülərüzlü Cavid saat 10-da "Salamat qal" – deyib evdən çıxdı. Hər günkü kimi, pilləkanın başına qədər aparıb yola saldım. Qayıdıb öz işimlə məşğul oldum…

Uşaqlarımın biri məktəbdən, o biri institutdan gəldilər. Qabiliyyətli, saleh övlad, xoşbaxt ailə nə qədər fərəhlidi.

Biz Cavidi gözləyirdik ki, gəlsin, bir yerdə nahar edək. Nədənsə, bu gün çox gec gəldi. Mən uşaqların xörəklərini verib özüm Cavidi gözlədim. Saat altıda gəldi. Qapıdan girən kimi:

– Nə istəsən alacam sənə, amma əvvəl mən istəyəni alacam, – dedi.

Onun qulağa yapışan brilyant sırğadan xoşu gəlirdi.

Əlimi qaldırıb, onu, uşaqlara göstərib:

– Mənim brilyantım var, ona ehtiyac yoxdu, – dedim, – xeyir ola, bu sərvət əcəb?

– Kinostudiyadan gəlirəm. Bu gün "Koroğlu" ssenarisinin müqaviləsini bağladıq. Ayın 5-də beş min manat alacağam. Qalanını da film çəkilib qurtarandan sonra verəcəklər.

Sən saydığını say, qoy qalsın, gör fələk nə sayır.

Çörəyini yedi. Keçdi yataq otağına:

– Bir saat yatım, sonra durub işləyəcəm, – dedi.

Qara günün yelimi dəymişdi, ya nə idisə, çox narahat idim. Adama bir bədbəxtçilik üz verəndə, elə bil, əvvəlcədən duyur.

Saat 8-də Cavid yuxudan durdu, üzünü yudu, çay içdi:

– Həə… İndi işləmək lazımdı, – dedi.

Üzümə baxdı:

– Deyəsən, kefin yoxdu?

– Elə darıxıram ki. Heç özüm də bilmirəm nə üçün.

– Darıxma. Bu gün işim çoxdu, sabah gedərik gəzməyə. İstəyirsənsə bir saat çıxıb hava alaq, sonra gəlib işləyərəm.

– Yox, – dedim, – yorularsan, sonra işləyə bilməzsən.

– Mənim də heç işləmək həvəsim yoxdu. Amma bir-neçə göstərişim var, gərək onları edim ki, sabah aparıb verə bilim…

* * *

…Cavid işinin sahibi idi. Bir əsərini özü bəyənməsəydi, onu üzə çıxarmazdı. Aylarnan vaxt sərf etdiyi bir işi xoşuna gəlməsəydi, onu cırıb atardı. Deyərdi:

– Mənasız çoxdansa, mənalı az yaxşıdı.

Yersiz göstərişlərə, lüzumsuz tələblərə razılıq verməzdi.

Əsərləri tamaşaya hazırlananda məşq zamanı həmişə teatra gedərdi. Mümkün qədər çalışardı ki, öz istədiyi kimi olsun. Bir dəfə "Şeyx Sənan"ın məşqindən çox əsəbi gəldi. Bildim ki, nə isə razı olmadığı bir iş olub. Bir qədərdən sonra sakit olub dedi:

– Neçə dəfə demişəm ki, sözün deyilişində, səsin ahəngində nə qədər məna var. Əzra Sənana yaxınlaşıb elə bir ahəng ilə dedi ki: "Zəhra səni vidayə gəlmiş". Halbuki Zəhra onun ən yaxın rəfiqəsidi. O səs, o deyiliş onu bir düşkün qadın kimi nəzərə çarpdırır. Bir əsər yazmaq onu həyata keçirməkdən asandı.

…Cavid əsəbiləşəndə, çox gərgin işləyəndə papirosu çox çəkərdi. Bu səbəbdən də öskürərdi. Az papiros çəksin deyə, tənbəkidən papiros düzəldərdi. Tənbəki qutusuna ətirşah gülünün yarpağından qoyardı ki, ətirli olsun. Bəzən işləyəndə hazır papiros çəkərdi. Deyərdi:

– Papirosu bükənə qədər fikrim dağılır.

…Cavid gülü, yaşıllığı, mənzərəni çox sevərdi. Ələlxüsus qızılgülü. Gül fəsli gülqabından gülü əskik etməzdim.

Gülqabını yazı masasının üstünə qoyardım. Qoxusunu duyub, dönüb baxar və deyərdi:

– Güllərin şahı qızılgüldü.

Ətirlərdən də gül ətrini xoşlardı. Bir yerə gedəndə hədiyyə nə olursa olsun, üstündə mütləq bir qızılgül ətri də olmalıydı. Çayına gülab tökərdi. Gül mürəbbəsini xoşlayardı.

Böyük bacısı Cavid haqqında deyərmiş: "Qardaşlarımın gülü qardaşım".

Gül adlanıb güllə bəslənən Cavidin axır yeri qaranlıq zindanlar, şaxtalı səhralar oldu. Canından artıq sevdiyi güllü Vətənin torpağı da ona qismət olmadı…

– El içində. Öl içində! – deyərdi.

Müalicə məqsədilə bir yerə gedərdisə vaxtının qurtarmağına beş-altı gün qalmış geri dönərdi.

Sevdiyin xalqının nakəsləri səni yel eliyib səhralara sovurdular. Əfsus, yaranı eldən aldın. Yad ellərdə itkin məzarlı oldun.

İşlədiyi vaxt sakitliyi sevərdi.

"Maral" pyesini yazdığı vaxtlardı. Bir dağıstanlı dostugilə qonaq gedir. Çox hörmət və sevinclə qarşılayıb ona xüsusi bir otaq ayırırlar. Dağıstanlılarda qonağı evdə tək qoymaq hörmətsizlik hesab olunurmuş, ona görə də dostunun qardaşı bütün günü oturarmış onun yanında.

"Söhbət olsun deyə, ya yersiz suallar verir, ya öskürüb fikrimi dağıdırdı. Üç-dörd gün dözdüm, axırda bir gün dostuma:

– Ay qardaş, sənin bu qardaşının işi-gücü yoxdur ki, məni işimdən edir, fikrimi dağıdır? Sən Allah, buna bir iş tap ki, mən də işimi rahat görüm, – dedim.

Dostum mənim narahat olmağıma görə utanmış halda dedi:

– Cavid əfəndi, onun burda oturması bizim işimizi nə qədər dala salır. Axı sizi tək qoymaq ayıbdı.

Dedim:

– Mən tək deyiləm. Yazdığım əsərdəki iştirakçılar o qədərdilər ki, onları küsdürmək, barışdırmaq, ağladıb güldürmək…

Sabahdan rahat işləməyə başladım.

* * *

"Knyaz" pyesini yazdığı ilin yayında Barjoma getmişdik. Olduğumuz evin balkonu Kürə baxırdı. Evnən Kürün arası 50–60 addım olardı. Qarşı görünüşü üç yüz metr ucalığında yamyaşıl meşəlikdi. Üst tərəfi qoruqdu. Orada maral, ceyran saxlayırdılar. Ətraf dəmir barmaqlıqdı. Marallara barmaqlıqdan baxanda adama elə gəlirdi ki, oradan düşəcəklər Kürə.

Cavid saatlarla balkonda oturub işlərdi. Mən də ona mane olmasınlar deyə, uşaqları aparardım parka. Saat ikidə-üçdə Cavid gələrdi. Parkın yanında yaxşı bir yeməkxana vardı. Həyətindən çay axırdı. Çayın üstündə körpü kimi düzəldib masalar qoymuşdular. Orada oturulub yemək yeyilirdi. Amma elə düzəldilmişdi ki, masaların hər cərgə arası açıq idi, suyun axarı görünürdü. Üstü çardaqlı ən yaxşı yerdə Cavid bir masa götürmüşdü… Yeməkxananın sahibi ilə danışmışdı ki, saat 3-dən sonra o yeri heç kimə verməsin…

Bir-iki saat dincəlib axşamüstü gedirdik parka… Cavid bəzən getmirdi. Balkonda oturub işləyərdi. Mən uşaqlarla enərdim Kürün sahilinə. Hərdən baxırdım, oturub işləyir, əllərini yelləyir, ya barmağını silkələyir.

Barjomda iki ay qalıb sonra Tiflisə getdik, bir ay da orada qaldıq.

Cavid bir gün dedi:

– Gedək, mənim keçmiş mənzilimə baxın.

Tiflisin uca bir məhəlləsində ikinci mərtəbədə iki balaca otaq. Axar-baxarlı balaca bir balkon. Bütün şəhər görünürdü. Özünün çox xoşuna gəlirmiş. Biz ora gedəndə Cavidin qaldığı evdə aşağı mərtəbədə olan adamın oğlu yaşayırdı. Bizi çox yaxşı qarşıladılar. Cavid orada yaşayanda bu oğlan kiçikmiş. Elə bildi ki, Cavidin xoşuna gəldiyi üçün yenidən bura köçmək istəyir:

– Mən köçüm aşağıya, siz gəlin, yaşayın, – dedi.

Cavid:

– Yox, – dedi, – uşaqları gətirdim ki, buranı görsünlər.

Sonra Cavid otağın yanındakı balkonsuz bir otağı göstərib dedi:

– Bir gün gəlib gördüm ki, bu otağın qapısı açıqdı. Demək, mənə qonşu gəlib. Allah sən saxla. Gedib sahibədən soruşdum ki, əgər ailəsi, uşaqları çoxdusa, mən buradan köçüm. Amma heç köçmək istəmirdim, mənim üçün olduqca əlverişli idi. Sahibə:

– Bizim qohumdu, özü də tələbədi, təkdi, – dedi.

…Sən demə, haqlıymışam. Yeni qonşu musiqiçiymiş. Özü də necəsindən? Qalın səsli truba çalırdı. Dedim:

– Hə, Cavid, indi otur işlə.

Əvvəlki rahatlığım getdi. İki ay birtəhər dözdüm, sonra başladım ev axtarmağa. Tiflisin "Şeytan-bazar" deyilən məhəlləsində ev əldə etdim…

…Hər ayını, hər gününü rahatlıqla keçirən Cavidin ömrünün axırı rahatsızlıqnan keçdi. Səbəbkarlara nifrət. Evyı-xanlara lənət!

* * *

Cavid işləyirdi. Uşaqlar yatmışdılar. Mən həmişəkindən tez olaraq saat 11-də keçdim yataq otağına. Bir azdan Cavid qapını açıb soruşdu:

– Yatmısan?

– Yox! – dedim, nə lazımdı?

– Heç… Elə bildim, yatağına girməmisən, qəhvə istəyirdim, – dedi.

Qalxdım ki, geyinəm, qoymadı:

– Özüm bişirərəm.

Çox vaxt qəhvəqabını bufetin üstünə qoyardım. Gecələr işləyəndə özü bişirərdi.

Yuxuda gördüm böyük bir ilan mənə tərəf gəlir. Çığırıb yuxudan ayıldım. Yarıyuxulu, qorxmuş halda evdə qarışıq səslər eşitdim. Heç bir şey ayırd edə bilmədim. Elə bu vaxt Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə:

– Qalx, geyin, – dedi.

Qapının arasından baxıb tanımadığım adamları gördüm. Aman Allah, bunlar kimlərdilər? İndi o vəziyyəti demək çox çətindi. Əllərim əsir, geyinə bilmirəm. Saniyələr bir il qədər uzun. Bir təhər geyinib çıxdım.

Cavid qapının yanında ayaq üstə durmuşdu. Rəngi ağappaqdı. Onu elə görüb başım hərləndi. Mən onun hər dəqiqəsinin rahat olmasına fikir verirdim. Bu qara bulud hardan gəldi. Qolumdan tutmasaydı yıxılardım. Qolumu bərk sıxıb:

– Sakit ol, əyləş – dedi. Qolumu sıxmaqla demək istəyirdi bu, başlanğıcıdı.

Qapını açıb bu evə keçəndə birinci bufetin üstünə baxdım ki, görüm qəhvəqabı ordadımı? Cavid qəhvə bişiribmi? Qəhvəqabı orda yoxdu. O mənə böyük bir nisgil oldu. Özüm özümü danladım. Niyə mən onun sözünə baxdım, durmadım. O vaxtdan indiyəcən mən bir dəfə də olsa qəhvə içməmişəm. Özüm də qəhvə xoşlayanam.

Gələnlər üç nəfərdilər. Bir adam da qonşudan çağırdılar, şahid kimi. Gecə 1-in yarısından səhər 7-nin yarısınacan evi ələk-vələk etdilər. Baxılmayan yer qızımın yatacağı oldu. Kiçik olduğu üçünmü, ya nə isə onu oyatmadılar. Amma onlardan biri elə hey mırtlanırdı ki, niyə ora baxılmadı.

Cavid o gecə bir qutu yarım papiros çəkdi.

Kibriti yandıran vaxt onlardan da biri cibindən papiros çıxardı. Cavid öz papirosunu yandırıb ona sarı tutdu, o yandırmadı. Cavid çöpü söndürüb udqundu. Bu udqunmaqla o nələr dedi. Mümkünüm olsa idi o adamı boğardım. Ləyaqətsiz adam.

Cavid hiss etdi ki, mən çox darıxdım. Qəmli-qəmli üzümə baxdı, qaşlarını yuxarı qaldırıb ah çəkdi, sanki demək istəyirdi ki, bu hələ harasıdı?

Haçan ki, bir-birinin papirosunu yandıran görsəm, Cavidimin əsəbi üzü, dərdlərimin başlanğıcı yadıma düşür…

Mən elə bilirdim ki, o gecədən ağır dərd olmaz. Sən demə, daha ağır dərdlər hələ qabaqdaymış. İki böyük çemodan əlyazmalarını, kitablarını götürdülər. Əlyazmalardan elələri vardı ki, əl makinasında çap olmuşdu, hərəsinin iki-üç üzü vardı. Cavid dedi:

– Bunların hərəsindən biri qalsın.

– Yox, – dedilər.

Cavid ötkəm səslə:

– Necə lazımdı, elə edin, – dedi.

Onların başçısı dedi:

– Dəyişəcək və yatacaq götür.

O kəlmə elə bil, ürəyimə iynə kimi sancıldı. Bütün bədənim titrədi. Yavaş səslə, "Aman Allah" – dedim. Cavid dönüb mənə baxdı. Ağlayan uşağı mülayim səslə necə kiridirlərsə elə:

– Sakit ol, üzülmə, – dedi.

Qalxıb o biri evə keçdi ki, geyinsin. Yavaş səslə məni çağırdı.

İki dəst kostyumu vardı: biri təzə, digəri nimdaş.

– Bunların hansını geyim? Cib saatımı götürümmü? – soruşdu.

– Yox, – dedim.

Ona görə yox dedim ki, saata baxıb günün ləng getməsi onu daha da darıxdıracaqdı. Kostyumun qarasını – köhnəsini geyinib:

– Qara günə qara paltar yaraşar, – dedi.

Çox yavaş hərəkət edirdi ki, qız oyanmasın. Dönüb yatmış uşağın üzünə xeyli baxdı. Dərin bir ah çəkdi. Əlini çiynimə qoyub:

– Can əzizim, darıxma, iki-üç gün çəkər. Görəsən nə soruşacaqlar? Nə də soruşa bilərlər axı? Mənim örtülü heç bir işim yoxdu. Nə desələr, inanma. Ovçulara ov lazımdı, – dedi.

Qapıdan çıxanda oğlum ağlar səslə:

– Baba, – deyə çağırdı.

Dönüb əlini qaldırdı. Amiranə bir səslə dedi:

– Kişi ağlamaz. Sınar, əyilməz.

Bir neçə pillə enib dayandı. Dönüb bizə baxdı. Bizi aşağı enməyə qoymadılar… Hər gün gülə-gülə burdan yola salıb geri qayıdırdım. İndi isə ağlaya-ağlaya qayıtdım. Mənə elə gəldi ki, bu saat ürəyim partlayacaq. Evə girmədim ki, qız oyanar. Bayırda hönkür-hönkür ağladım. Anası ölmüş oğlum (oğlum adını deməyə dilim gəlmir) məni qucaqlayıb:

– Ana, yavaş ağla, Turan oyanar, – dedi.

Başını qoydu çiynimə. Mən də onu bərk-bərk qucaqlamışdım. Mənə elə gəldi ki, bu saat geri qayıdıb bunu da əlimdən alacaqlar. Qorxmuş gözlərlə üzünə baxıb:

– Aman Allah, – deyirdim.

O isə:

– Bu işlərdən Allahın xəbəri yoxdu, bunları edən bəd bəndələrdi, – deyirdi.

Saat səkkizin yarısında qızı oyatdım. Gözünü açıb çox təəccüblə üzümə baxdı:

– Baba hanı?

Bir anlığa dilim tutuldu. Nə deyim? Özümü itirdim.

– Həkimə gedib… – dedim.

Bir neçə gün idi ki, qolu ağrıdığına görə hər gün müalicəyə gedirdi. Bunu bildiyi üçün inandı.

1.Cavidin bacısı Ümmi Səlimə, onun qızları Rübabə və Səltənət nəzərdə tutulur.
2.O zaman Mayılov teatrı
3.Mişkinaz xanım kiçik yaşlarında beş ay Naxçıvandakı qız məktəbində təhsil alıb, sonra qohumlarının təkidi ilə məktəbdən çıxarılıb.
4.Cavid Əfəndinin 1921-ci ilin 23 avqustunda doğulmuş qızı Tumrus (Tomris) ongünlük körpəykən vəfat edib.
5.1921-22-ci illərdə Türkiyədə diplomatik korpusda tərcüməçi vəzifəsində çalışan Rza Təhmasib xatirələrində yazır: "Ankarada müharibə yetimlərinin xeyrinə verilən müsamirədə mən İblisin son monoloqunu qrimdə və kostyumda söylədim. Ani sükutdan sonra alqış səsləri salonu titrətdi… Bir neçə gün sonra məni Mustafa Kamal Paşanın məclisinə dəvət etdilər. Məclisdə Türkiyənin o zamankı ədib və şairləri də iştirak edirdilər. Atatürk məndən həmin monoloqu söyləməyi rica etdi… Cavid şeiriyyəti Mustafa Kamalı hər dəfə valeh edirdi. Belə axşamlar tez-tez təkrar olunardı. Məclisin "İblis"ə olan marağı getdikcə artırdı. Əsərin məzmununu dönə-dönə söylədər, çox vaxt bütün pyesi əzbərdən dedizdirərdilər. Həmin məclislərdə mən "İblis" in "Faust" la müqayisəsinin dəfələrlə şahidi olmuşam. Bəziləri hətta "İblis"ə üstünlük verərdilər".

Bepul matn qismi tugad.

12 087,22 s`om
24 174,44 s`om
−50%
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
28 oktyabr 2022
Hajm:
112 Sahifa 5 illyustratsiayalar
ISBN:
978-995-255-777-0
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Yuklab olish formati:

O'xshash kitoblar