Kitobni o'qish: «Bir gəncin manifesti»

Shrift:

PROLOQ

Həyat və azadlıq, ancaq onlar üçün hər gün döyüşə gedən adamlara layiqdir!

HÖTE

Bağçalar dərəsinin sağ tayında cənuba doğru uzanıb gedən və təzəcə şumlanan əkin yerləri məxmər kəmər kimi dağları qucmaqda idi. Zəmilərdən qalxan nəmli torpaq qoxusu yenicə açılan bənövşə, quzuçiçəyi ətrinə qarışaraq havaya bir təzəlik, mülayimlik gətirmişdi. Səhər soyuğundan sonra yumşalan hava hələ də narahat kimi tutulub-açılmaqda idi. Buludlu göy intizar çəkən bir qəlb kimi çırpınır, bir an da eyni vəziyyətdə qalmırdı. Cida boyu qalxan günəş cənuba axan müxtəlif biçimli, müxtəlif şəkilli, əlvan buludlar arxasında gah çıraq kimi yanır, gah köz kimi sönür, gah kəhrəba kimi saralır, gah sədəf kimi parıldayırdı.

Karvan-karvan ötən qalın seyrək buludlar ardınca nəsə bir aydınlıq, bir parlaq gündüz olacağı yəqin idi. Aşağılarda, dərənin qovuşan yerlərində isə baş-başa verən söyüd, qələmə, qarağac, vən, iydə, zoğal ağacları küləyin səmtinə doğru can atmaqda, sanki kökdən çıxıb haralara isə getmək arzusunda idilər.

Dağlardan axıb, səhraları aşıb gələn sel suları isə elə şaqqıldayırdı ki, eşidənlər dəhşətdən diksinir, göy gurladığını, ildırım çaxıb qaya uçduğunu, sar üstünə qartal şığıdığını güman edirdilər.

Dağın döşündə belini əyərək xışının əlcəyinə güc vura-vura cüt sürən bir cavan, ucaboy çarıqlı oğlan, səhərdən bəri nəfəs almadan sürüb qaraltdığı yerlərdən qalxan buxara, torpaqlara enib yem axtaran quşlara baxıb həzz alırdı. Sel sularının şaqqıltısı onun diqqətini cəlb etdi. Bir an belin düzəltdi, dönüb aşağılara baxdı.

O, bir aşıb-daşan, qoca ağacları kötüyü ilə alıb aparan qəhvəyi sulara, bir də buxarlanan şum torpaqlara göz yetirir, dərindən köks ötürərək düşünürdü: «Ah, bunda, dünyanın bu nemətlərində mənim də bir barmaq payım olaydı. Heç olmasa çox yox, bir çərək yerim, bir çanaq suyum olaydı, Necə əkər, necə becərər, necə bəslərdim. Mənim də qapım çuval dolusu taxıl, evim təknə dolusu çörək görərdi. Mən qabarlı əllərimi qulağıma qoyar, sinəmin sazına toxunub mahnı çağırardım:

 
Dolayda kəklik qovdum
Dağda yemlikdən doydum.
Mənə bol ruzi verən,
Torpağa nişan qoydum.
 
 
Quşum uçdu kələkdən,
Əlim düşdü biləkdən,
Bitməz şikayətim var,
Mürüvvətsiz fələkdən.
 
 
Dağlar, bizə qar göndər,
Əsirgəmə var göndər,
Baharda selin olsun,
Payızında bar göndər.
 
 
Dağlar bayatıyam mən,
İlin elatıyam mən,
Yazın muştuluqçusu,
Qanadlı atıyam mən…
 

Cavan oğlan sanki göylərə səpdiyi, yaz küləyinə verdiyi mahnıları ilə sinəsini boşaltdı, özündə bir yüngüllük duydu. Nəzərlərini dağdan-kövşəndən yığaraq yenə öz işinə, xışın əlcəyinə güc verib cüt sürməyinə davam etdi. Zəmini başa getməmişdi ki, birdən-birə torpağın işıqlandığını, hər yerdən kölgələrin çəkilib getdiyini duydu. Sanki bir anda kimsə, hansı bir qüvvə isə buludları qovub üfüqləri gümüş kimi təmizlədi. Cavan cütçü başını göyə qaldıranda günorta yerinə qalxan günəşin bütün gücü və əzəməti ilə dayandığını gördü. Sanki bayaq oxunan mahnılardakı həsrət və arzuları günəş eşitmişdi. Ona görə, məhz ona görə dünyaya, hər şeydən əvvəl bu zəhmətli kövşənlərə, cütçülər yurduna həmişəlik və ümumi bir aydınlıq gətirmişdi. Gətirmişdi və hərarətli şüaları ilə adamları, hər kəsdən əvvəl gənc sinəsi həyat həsrətlərindən yanan bu rəncbəri xəbərdar etmək istəmişdi. Cavan oğlana elə gəldi ki, günəş göylərin yuxarı qatından enib gəlmiş, lap ona yaxınlaşmışdır. Səssiz, isti və nurlu baxışları ilə o ancaq bir şey deyir:

– Salam! Salam!

Cavan oğlan elə bil müqəddəs bir sima qarşısında dayanmışdı, özünü itirdi. Əlini yenicə tük gəlmiş üzünə çəkib salavat çevirdi, qamaşan gözlərilə təkrar-təkrar günəşə baxdı: Cütçü yanılmamışdı. Bu ilki bahar heç bir zaman görünməmiş olan ayrı bir bahar idi. Bu ayrı bir həyat, ayrı bir səfa, ayrı dünyadan xəbər verən, milyonların ürək arzularını duyan, oxşayan, oyadan və çiçəklədən bir bahar idi. Cütçü elə bil günəşdən qüvvət, qüdrət aldı, arzuları həqiqətə çevrildi, sevincindən bərk qışqırdı:

– Ay dünya!

Qışqırdı və var qüvvəsini gündən bərkiyən tunc biləklərinə yığaraq torpaqları qaldırmağa, yerin bağrını sökməyə başladı. Deyəsən o, yer üzünə, insanlara, bütün dünyaya yayılan bu şad xəbəri bütün məxluqata, bütün kainata, yerin yeddi qatına da çatdırmaq istəyirdi:

– Qalxın, günəş gəlir! Səadət günəşi!

BİRİNCİ FƏSIL
TƏHQİR

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.

L. TOLSTOY

– Düş sənə deyirəm!

– Karsan?

– Sənin tutundur?

– Düş deyirəm, düş o budaqdan.

–…Ehsan ağacıdır…

– Düş aşağı, uzun danışma, ağzın yekə olar!

Ağaməcid bunu deyib altdan-yuxarı, Bahara sarı elə tünd və acıqlı baxdı ki, az qaldı uşağın bağrı yarılsın.

Bahar Ağaməcidin üzünü görmədi. O, gündə muncuq kimi işıldayan, qara, dolu və şirin tut dənələrini ağzına qoyur, sanki danışmağa macal tapmırdı. Ancaq səsindən, təhərindən bildi ki, Hacı oğlunun axırıncı sözləri qəti bir əmrdir.

Bahar anlayırdı ki, bunu cavabsız qoymağı bacarmayacaqdır: ya bu saat dinməz-söyləməz tut ağacından düşməli, ya da hərifin üzünə dik durub bozarmalıdı. «Düşmürəm».

Baharın bunu deməyə haqqı varmı?

Əlbəttə, var!

Çünki yaşıl budaqları ilə ətrafa sərbəst qol-qanad atan qocaman tut ağacı Ağaməcidin deyil, heç kəsin deyil, ehsanlıqdır. Kəndin ortasında, kim bilir, nə vaxt və hansı xeyirxah qocanın əkib-yetişdirdiyi bir ağacdır. Meyvəsini hər il uşaqlar və quşlar yeyir.

Bahar, Ələs bəyin quzusunu otarırdı. Çörəyi özündən, ayı yarım çanaq buğdaya quzuçu durmuşdu. Vədəbaşı ağası ondan razı qalsa, bir cüt çanaq da bağışlayacaqdı.

Bahar bu gün lap ac idi. Səhər anasının qənaətlə verdiyi bir parça çörək onu yarımqarın eləmişdi. Yamacda yemlik tapmadı, hava da qızdı. Quzular otdan çəkildi, başlarını yerə dikə-dikə bir-birinə sığınaraq kölgəlik axtarır, toplaşırdılar. Bahar quzuları yaxın bağçaya, yatağa qaytardı, özü qaçıb ehsanlıq tuta çıxdı. İndi də Əbülfət nəvəsi Ağaməcid gəlib onu düşürmək, o çıxdığı budağa özü çıxmaq istəyir.

Bahar inadında dura bilərmi?

Dura bilməz!

Əbülfət uşağı adamın atasını yandırar: Ağaməcid bilirsən kimdir? Hacı oğludur!

Bahar bu acı həqiqəti uşaq ağlı ilə dərk etmişdi. Amma nədənsə, ağacdan düşmək istəmirdi. Nədənsə o, gücünə yox, haqqına güvənmək istəyirdi. Hacı oğlu olmasa da, nökər olsa da, yetim olsa da tut ağacından düşmək istəmirdi.

Ağaməcid acıqlı-acıqlı, cəld yuxarı dırmaşdı:

– Demirəm düş, ay dul arvadın oğlu?

– Düşmürəm!

– Necə?!

Baharın cavabı Ağaməcid üçün gözlənilməz idi. Hirsi başına vurdu, başından yekə danışan bu yoluq gədəni sanki parçalamaq üçün tələsdi:

– Necəəə?..

Ağaməcid ayağını yuxarı budaqlara qoyub dırmaşdıqca, Bahar da uşaq cəldliyi ilə budaqdan-budağa dırmaşırdı. Onun ayaqlarının zərbindən budaqlar əyilir, ağac yırğalanır, tutlar tökülürdü. Bahar quş kimi yüngül, cəld və zirək idi. Ağaməcid nərmənazik idi. Uca və nazik budaqlara ayaq basmağa cəsarət etmirdi. Əlini atmaq üçün rahat və münasib yer axtarırdı. O, addayana qədər Bahar başqa budağa ötürdü.

Onlar ağac başında təngişənəcən qovalaşdılar. Ağaməcid bərk hirslənmişdi. Söyürdü, qan-tər içində hərdən yerə baxıb sanki Baharın başına çırpmağa daş axtarırdı. Bahar fürsət tapdıqca tutdan dərib yeyir, suyunu Ağaməcidin ağ və təmiz paltarına damcıladıb altdan-altdan gülürdü. Axırda Ağaməcid təngişdi, çəkilib bir budaqda dayandı:

– Gəl, öt aşağı, dəymərəm.

– Aldadırsan!

– Dəymərəm, atam canı!

Bahar düşüb gəldi. Ağaməcid oturan ayaq budaqdan ötəndə hərif girəvəyə salıb onun çiynindən bərk bir təpik vurdu.

– Adam oğlu deyilsənmi?!

Baharın sözü ağzında qaldı; ayağı budaqdan üzüldü, cəld əlini ağaca atdı, budaqdan sallana-sallana qaldı. Ağaməcid bir da vurmaq istəyəndə Bahar onun ayağından, topuq bəndindən yapışdı. Budaq şaraqqıltı ilə qırıldı, hər ikisi gurumbultu ilə yerə gəldi. Ağaməcid əvvəl yazıq-yazıq zarıdı, sonra qışqırdı. Bahar ağrıyan ayağını tutub ufuldadı. Qalxmaq istəyəndə Ağaməcid onun üstünə cumdu. Çılpaq başına vurmaq üçün Baharın papağını götürüb bir tərəfə atdı. Bahar əllərini qabağa verib qorunurdu. Ağaməcid döyməmiş əl çəkmək istəmirdi. Bahar onun yaxasından bərk-bərk yapışdı. Ağaməcid dartınanda yaxası bez kimi cırıldı. Kimsə qəfildən Baharı qulaqladı:

Nə cürətlə ona sataşırsan, a qodux?!

– O məni niyə yıxır?

– Yalan danışma, itin küçüyü!

– O məni itələyib ağacdan saldı.

– Kəs səsini!

– Atamın qəbri haqqı!

– Görüm atan səni yanına çəksin!

Yoldan ötənlərin səsi eşidilirdi: «Yekə arvadsan, uşağa niyə qoşulursan, ayıb deyilmi?», «Aciz görmüsən?», «Heç utanmırsan?»

Ağaməcidin anası Qarınca xanım (əslində bu qadının adı Məsmə idi. Anasının uşağı qalmırdı. Gözaydınlığa gələnlər «qarıyınca yaşa-sın» deyə xeyir-dua verirdilər. Bu söz o qədər təkrar olundu ki, qız böyüyəndə də, ərə gedəndən sonra da «Qarınca» ləqəbi ilə çağrıldı). Baharın qolundan bərk-bərk tutmuşdu, macal tapıb danışanlara da cavab verirdi;

– Sizə borc deyil!

Qarınca xanım Baharın qulaqlarını dartır, qollarını, yanaqlarını çimdikdən keçirirdi. Hirsi soyumadı. Uşağın qədək arxalığını əynindən çıxarıb peysərinə yumruq vurdu. Lüt yola saldı.

– Get, – dedi, – uşağın paltar bahasını gətir!

Bahar döyüldü, söyüldü və soyuldusa da, qorxusundan evlərinə gedə bilmədi. Qardaşından çəkinirdi. Bilirdi ki, Ağaməcidin atası bilsə Mərdanı söyəcək, Mərdan acıqlanacaq, dalaşacaq.

Anası Baharı çox sevərdi.

Bunu yazmamaq da olar; çünki hər bir ana övladını sevir və sevməlidir. Lakin Sona arvadın analıq sevgisində çoxlarına xas olmayan ayrı bir əlamət, ayrı bir xüsusiyyət vardı.

Uşaq iki yaşına çatmamış, təzə dil açıb şirin-şirin danışan zaman atası yatalaq azarına düşdü. Dili tutuldu, işarə ilə vəsiyyət edib Baharı Sonaya tapşırdı. Sonanın heç yadından çıxmaz; yatağında mum kimi saralan, şam kimi əriyən o mehriban və həsrət kişinin nigaran, xırda və sönük gözləri körpə uşağa, torpaq döşəmədə ayaqyalın tappır-tuppur yeriyən, başının üstünü almış fəlakətdən xəbərsiz olan uşağa dikilmişdi, baxışı ilə çox mətləblər deyirdi…

Sonaya elə gəlirdi ki, uşaqlarını yetim və ehtiyac içində tərk edib gedən kişi həmişə qəbirdə narahatdır. Sal daşların altında, yaş torpaqlar üstündə hər dəqiqə başını qaldırıb körpə, yetim oğluna baxır…

Sona indi əziz uşağını lüt, gözüyaşlı, döyülmüş, təhqir olunmuş görəndə ürəyinin başı yandı. Gözünün yaşını oğlundan gizlətdi. Baharın əlindən tutub Hacı İbrahimxəlilin qapısına, Qarınca xanım-dan «iltimasa» getdi.

– Bağışlayın, yetimdir, uşaqdır, bilməyib, qələt eləyib. Özüm onun tənbehini eləyəcəyəm. Ölüncə döyəcəyəm, paltarın verin, lütdür, canı yoxdur. Soyuq dəyməsin!

Sona bunları Ağaməcidə deyəndə Qarınca xanım eyvanda çay içirdi.

Qoy oxucu onu da bilsin ki, Qarınca xanımın toyunda samovara salınan od, ömrübillah yandı, bir dəfə də sönmədi. Sarı və qarpızı samovar gah eyvanda, gah otaqda, gah həyətdə ağac altında qoyulardı. Dağda, aranda, toyda, yasda həmişə onun həzin səsi gələrdi. İllər uzunu pıqqapıq qaynayan, boşalıb-dolan samovar Qarınca xanıma musiqi səsi kimi nəşə verərdi. Hərdən yayın istisində Hacı deyərdi:

– Ay rəhmətliyin qızı, heç olmasa bu yemiş-qarpız vaxtı çayı az elə!

Qarınca xanımın acığı tutardı:

– Çayın bir yeri var, yemiş-qarpızın da bir yeri!

O, həmişəki nəşəsilə eyvanda, qabağında rəngli çay, döşəkcə üstündə ətli qıçlarını çarpazlayıb oturmuşdu və Sonanın səsini eşidəndə də qalxıb qapıya çıxmaq, ağzına gələni demək, söyüb qovmaq istədi. Lakin qalxa bilmədi: nahardan sonra iki qab dovğa içmişdi. Amma istidənmi, əsəbilikdənmi, yenə yanğısı sönmürdü. Qabağında dörd stəkan çay, iki stəkan süd yan-yana düzülmüşdü. Soyumaq üçün töküb hazır qoymuşdu, bir ucdan daraşıb içəcəkdi. Nəşəsini pozmadı, əlini atıb pəncərəni açdı, ağzını küçəyə sarı çevirib kola hürən it kimi səsləndi. Sonaya cavab verdi:

– Paltar-maltar yoxdur, bilməmişik, uşağımızı geyindirib-gecindirək, sizin bicləriniz dartıb cırsın!

Sonra dönüb nökərinə dedi:

– Ədə, o qaraçını qapıdan rədd elə getsin! Hacı eşidər, uşağını özünə qatar, özünü uşağına.

Sona, Qarınca xanımın halına bələd idi. Düz qayıtdı. Uşağın çiyninə bir köhnə paltar saldı. Mərdanın biçindən qayıtmasını gözlədi.

Mərdan Hacının yanına gedib üzr istəsə, yalvar-yaxar eləsə, bəlkə ürəyi yumşala, uşağın paltarını qaytara…

Mərdan ol biçinindən qaş qaralanda qayıtdı. Kərəntini mıxçadan asdı, quru yerdə oturmaq istəmədi. Anasının çırpıb yük yerinə qoyduğu «Yusif Züleyxa» xalçasını açdı. üstündə qabaq-qabağa gül iyləyən Yusifin və Züleyxanın üzünə baxıb ah çəkdi. Xalçanın üstündə sanki çoxdankı bir həsrətlə rahatca uzandı. Elə arxayın, elə şirin uzandı ki, deyərdin bütün ömrü boyu çəkdiyi əziyyətlərin hamısını bir anda yadından çıxarmaq istəyir. Anası həyətin kənar tərəfini sulayıb süpürmüşdü. Köhnə bir palaz salıb balış qoymuşdu. Mərdana dedi:

– Dur, oğul, dur bu yanda uzan.

Mərdan qalxmaq istəmədi:

– Bu xalçanı kimə saxlayırsan, ay ana?

– Dur, az danış, kimə saxlayacağam…

Bunu deyib xalçanın ucundan tutdu, sanki Mərdanı itələyib yerə salmaq istəyirdi. Mərdan altdan-yuxarı, yorğun, mənalı nəzərlə anasına baxdı, heç nə demədi, durmağa məcbur oldu. O bilirdi ki, anası gəlinliyində toxuduğu, «Yusif-Züleyxa»nın şəklini çəkdiyi bu xalçanı çox əziz tutur, böyük bir arzu ilə yəqin ki, oğlunun toyuna saxlayır. Mərdan ağır-ağır qalxdı və sanki bayaqdan gizlətdiyi sözü anasına yox, elə-belə havasına danışdı:

– Müsəlmanın işi belədir, xalça-palazı yük yerində çürüdər, özünün də canı çul üstündə çıxar!

Sona oğlundan dönə-dönə eşitdiyi bu sözlərə məna vermədi:

– Uşaqsan hələ, – dedi, – bala. Ev yiyəsi olmamısan, dabanla qapını açmamısan, nə bilirsən səliqə-sahman nədir.

İyirmi ildən çoxdur onu üfürə-üfürə saxlamışam, bir niyyətim var ki, saxlamışam da! Əcəldən aman olar, görərsən niyə saxlamışam. Yox, ölərəmsə, onda heç!

– Sən niyə ölürsən, ay ana, o qədər ölməlilər var ki!

Mərdan qalxıb dolağını açdı, çarıqlarını soyunmağa başladı. Hər dolağı açdıqca, çarıqbağını boşaltdıqca sanki keyimiş damarlarına, qurumuş barmaqlarına qan yeriyir, həyat və hiss gəlirdi. O, yorğunluğunu ancaq indi duyurdu. Paltarını çırpıb küləşdən, tozdan təmizlədi. Anası onun əllərinə sərin su tökdü, sözarası Baharın başına gələni də ehtiyatla danışdı.

– Uşaq lütdür, əsir. Sabah quzuya gedəcək, tifil nə geyinsin, getsin?

Mərdan Baharı çağırdı.

– De görüm, niyə dalaşdınız, a bala, səni kim döydü?

Bahar qəhərləndi, qardaşının mehriban, qayğılı atalıq səsində bir hərarət, bir təsəlli duydu. Böyük bir cinayət eləmiş, sonra peşman olmuş kimi sıxılan və qısılan uşağın çiyninə sanki indi, ancaq indi bir ümid, kömək əli dəydi. Mərdan Baharın yeganə köməyi idi.

Gündüz Ağaməcid ağlayan kimi adamları, qohum-əqrəbası tökülüb gəlmişdi. Baharı döyüb-söymüşdülər. Bahar da kömək arzulamışdı, heç kəsi görməmişdi.

Budur, indi onun da köməyi gəlmişdir. Mərdan təkidlə soruşdu:

– De görüm, səni kim döydü?

Nədənsə Bahar danışa bilmədi. Başını aşağı salıb hönkür-hönkür ağladı. Anası uşağı dilə tutdu, əhvalatı başdan-ayağa, necə var, danışdı, başa saldı ki, Baharın heç bir təqsiri yoxdur.

Mərdan cəld çarıqlarını ayağına çəkdi və acıqlı-acıqlı dedi:

– Düz deyil, ana, Baharın böyük təqsiri var!

Sona and-aman elədi:

– Sənə deyirəm günah Hacı oğlundadır. Uşaq ehsan tutuna da çıxma…

Mərdan Sonanın sözünü ağzında qoydu, ayağa qalxdı.

– Yalan deyirsən, ana, Baharın böyük təqsiri var. Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zəmanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma!

Mərdanın səsində, hərəkətində başqa həyəcan duyuldu. Sona oğlunun belə, «beyniqanlı» halını az görmüşdü. Cavan, güclü, enlikürək adam, indi ona doğma oğlu, mehriban balası kimi yox, əzəmətli, qüdrətli bir nağıl qəhrəmanı kimi göründü.

Nəyə isə, hər halda qorxulu bir iqdama hazırlaşdığını oğlunun yanan gözlərində, qəti hərəkətində, riqqətli səsində, həyəcanlı sükutunda görüb duyurdu. Duyurdu ki, Mərdan bərk hirslənmişdir. Duyurdu ki, oğlu təngə gəlmişdir. Duyurdu ki, o, Hacının qapısına gedəcək, ancaq tamam ayrı cür gedəcək…

Qadın dediklərinə peşman oldu: «Bu nə iş idi tutdum, beyniqanlıdır. Gedər, artıq-əskik danışar, dilim qurusun, yüzbaşının çənginə düşər, evim yıxılar…»

Bir istədi Mərdanın qabağını kəsib saxlasın. Bir də kiçik oğluna baxıb duruxdu: «Bunun təqsiri nədir? Bu da uşaqdır, bu da insandır, ehsanlıq tut əslən bunun üçün, yetimlər, aclar üçün əkilib, Hacı oğlunda, heç olmasa, darı boyda da insaf gərək ola ya yox?! Bu zülmü kim götürər…»

Sonanın ürəyindəki intiqam hissi hər şeydən güclü idi. İndi o, Mərdanı intizar, qorxu ilə yox, iftixar və havadarlıq hissi ilə yola salırdı:

– «Mərdan neyləsin axı, buna kim dözər axı!..»

Əlini döyünən ürəyinin üstünə qoydu, Mərdan gözdən itənə qədər nəzərini ondan ayırmadı.

Mərdanın hirsləndiyini görüb Bahar da ürəkləndi. O da əlinə ağac alıb qapıya qaçdı. Sanki qardaşına qoşulub düşmən üstünə getməyə, intiqam almağa tələsirdi. Mərdan qoymadı.

– Qayıt, – dedi, – yıxıl yat, bu saat gəlirəm!

Sona Mərdanı qapıya qədər yola saldı. Özünü saxlaya bilməyib müntəzir bir səslə dedi:

– Uşaqdır, de ki, anlamayıb. Paltarını qaytarsınlar.

Mərdan qapını çırpıb çıxdı. Həyət divarının dalında, doqqazda bir kölgə kimi göründü, getdikcə kiçildi və gözdən itdi.

Qaranlıq qovuşmuşdu. Kəndin həyətlərində mal yemləyən, inək sağan, buzovu anasından ayıra bilməyən kim, taqqataq darvazanı bərkidən, eyvanda süfrə salıb şama əyləşən kim, biçinçilərə ayran gətirən, namaz qılan, sabah obaşdan işə çıxmaq üçün xurcun hazırlayan kim. Qısa və şirin yuxulu sərin yaz gecəsi hamı üçün əziz və xoş idi. Biçinçilər oraqlarını yağlayıb itiləyir, çobanlar heyvana verməyə duz alırdılar. Nökərlər tövlədə, həyətdə-bacada çalışır, əlləşir, işlərini axşam vaxtı qurtarıb dincəlmək imkanı əldə etmək istəyirdilər.

Hacı İbrahimxəlilin evi kəndin ayağında, göl başında idi. Onun uca hasarlı iri, çargül həyəti, ikimərtəbəli, kirəmitli qırmızı kərpicdən tikilmə böyük, göy eyvanlı evi var idi.

Həyətin kənar tərəfində hasara söykənmiş xırda damlarda anbar, samanlıq, mətbəx yerləşirdi. Nökər, qulluqçu və mal-qara üçün bir «içəri» yaxud «dal» həyəti də var idi. Ona görə «içəri» həyət deyirdilər ki, bura qonaq-qara buraxılmırdı. Bəzi təsərrüfat işləri də burada görülürdü.

Mərdan küçədən həyətə boylandı.

– Ay Hacı əmi, Hacı əmi!

Cavab gəlmədi.

Hacının evindən çıxan bir qadın Mərdana dedi:

– Hacı o üzdədir, ay bala, taya basdırır.

Mərdan itdən qorunmaq üçün əlinə çubuq aldı. Darvaza tərəfdən keçib içəri həyətə getdi. Burada inək-buzov mələşirdi. Qadınlar badyalar dolusu südü təndirbaşına aparırdılar. İtlər yal içirdi. Hacı əlində qəlyan, səkidə dayanıb işləyən nökərlərə tamaşa eləyir, əmrlər verirdi.

Mərdan qəzəb və həyəcanını gizlədərək mülayim bir səslə salam verdi:

– Axşamınız xeyir!

Hacı ona tərəf gələn qaraltını bayaqdan seçirdi, lakin tanıya bilmirdi, əhəmiyyət də vermirdi. Səsindən Mərdanı tanıdı və bunu çoxdan gözləyirmiş kimi tez qəlyanı ağzından çəkdi:

– A biqeyrət oğlu, küçüyünüzü niyə yığışdırmırsız qapı-bacadan?

Mərdan yol boyu özünü məcbur edib hirsini boğmağa çalışırdı.

Onu da qət etmişdi ki, «Hacıya güzəşt getmək yoxdur!» Mərdan söyüşləri elə bil eşitmədi, yenə da sakit danışdı:

– Hacı əmi, zəhmət çəkin, bizim uşağın paltarını verdirin, bir qələtdir…

Hacı onun sözünü ağzında qoyub bir az da bərkdən dedi:

– Niyə çəkib küçüyünü qılçana bağlamırsan? Səndən soruşuram…

Hacının son sualı həmişə ağalığa alışmış, qarşısındakının itaətindən zövq alan qoluzorlunun amiranə bir sualı idi. Ona görə də dedi, bir an sükut edib cavab istədi:

– Səndən soruşuram!

Mərdan qəzəbini boğdu, vəziyyətini dəyişmədi:

– Hacı əmi, ayıbdır sizin üçün!

Hacı cırıltılı səslə həyəti başına aldı:

– Lüt oğlu lütün qanı bahasına danışmağına bir bax!

Mərdanın səbri tükənmişdi:

– Hacı əmi, sizə nə layiq, ağsaqqalsınız!

– Kiri, donuz oğlu!

– Hacı əmi, böyüksünüz!

– Mənə moizə oxumağına bir bax! Sabah atanı yan…

– Hacı əmi, möminsiniz axı! Atamın adını niyə çəkirsiniz? Niyə qoymursunuz o, qəbirdə rahat yatsın?!

– İtil gözümün qabağından!

– Hacı əmi, axı Məkkəyə getmisiniz!..

– Məkkə adı çəkmək sənin kimi itlərə yaraşmaz!

Mardan bir an susdu, dinmədi. Görən deyərdi bu qorxur, ya sözü qurtarıb, ya başqa bir tədbir axtarır. Amma belə deyildi. Bir az duruxduqdan sonra Mərdan səbrinin tükəndiyindən, ürəyində çoxdan kök salmış olan təhlükəli işi icraya hazır olduğunu xəbər verən güclü, nagəhani bir səslə dedi:

– Hacı əmi, yazıqsınız!

Hacı bunu eşidəndə qulağına inanmadı, çubuğunu qurşağına sancdı, heyrətindən əllərini dizlərinə qoyub qabağa sarı əyildi:

– Necə?!

Mərdan ayağını tirin üstünə qoyub səkiyə hoppandı. Hacının yaxasından tutub yastıq kimi yerə atdı. Qaranquş kimi üstünə qondu, baş-qulağını yumruqla qızışdırdı.

– Belə, bax, belə, belə!

Mərdan hirsindən boğulurdu. Aləm onun gözünə bir yanar təndir kimi görünürdü. O, özünü bu odun içində sanırdı. Ömrünü, gününü, ailəsini, səadət və ümidini yandıran bu alovun içində yalnız bir şeyi qorumaq, yalnız bir şeyi xilas etmək üçün çalışırdı: şərəfini, izzəti-nəfsini, hüququnu.

Mərdan Hacını təpik altına salıb yumşaltdıqca intiqam hissilə dolu qəlbi də yumşalırdı. Hacının kötək tutan, lakin kötək görməyən cəmdəyinə vurduğu zərbələrlə sanki canındakı ağrıları töküb rahat olurdu.

Hacı İbrahimxəlilin nəriltisinə çıxan qadınlar qışqırıb Mərdanı söyürdülər. Nökərlər yüyürüb Hacını Mərdanın əlindən almaq istədilər. Mərdan acıqlandı:

– Kənar durun! Yaxın gəlməyin!

Əslinə baxsan, nökərlərin araçılıq eləməyi zahir üçün idi. Hacının yediyi kötək onların da ürəyini sərinlədirdi, həm də qəribə gəlirdi. Onlar da Hacıdan yanıqlı idilər. Elə bir dünya olsa idi ki, camaatın haqq-hesabına baxalar, hamının qisasını bir-birindən alalar, onda nökərlər Hacının tükünü «beləcə» didərdilər. Deyəsən, Mərdan məhz belə bir dünyadan gələn, ədalətdən xəbər verən adam idi. Onlar belə bir dünyanın olacağını bilmirdilər. Ona görə də Hacının sitəmlərinə, təhqirlərin birtəhər dözüb baş girləyir, fürsət axtarırdılar. Mərdanın Hacını bu kökə salması nökərlərə qəribə və həm də çox xoş gəlirdi. «Hacını da bu kökə salmaq olarmış!» Onlar xəlvəti bir-birinə deyirdilər: «Mərdan motal basır!», «Yox, palçıq ayaqlayır!..» «Xəmir yoğurur!»

Onların çoxu buna oxşar hadisələr görmüş, ya eşitmişdi. Kəndlilərin Zülqədarovlara, Şahyarbəylərə necə divan tutduğunu bilirdilər. Lakin onların çoxu öz gözləri qabağında itaətində olduqları ağanın bu kökə düşdüyünü görməmişdilər və gözləmirdilər də. Onlar Hacının hıqqıltı-nıqqıltı ilə dediyi söyüşlərini eşitdikcə, peyin içində eşələnib araqçın axtardığını gördükcə, altdan-altdan gülür, bir-birinə göz vururdular.

Mövlam kişi sevincindən özünü saxlaya bilməyib evinə gəldi. Üzünü arvadına tutub muştuluq verən kimi danışdı:

– Mən dünyada çox tamaşalar görmüşəm, özümə görə az-çox ləzzət çəkmişəm. Vallah, bugünkü ləzzəti ömrümdə görməmişəm. Sonanın oğlu, əlinə döndüyüm Mərdan Hacı İbrahimxəlilə bir aş bişirdi ki, qiyamətədək dadı damağından getməz. Nə yemisən, turşulu sıyıq! Ay çəkdi ha! Çəkdi ha!.. Hayıf ki, hayıf ki, gəlib baxmadın. Görsəydin hər yumruğu ürəkdən neçə tikan çıxardır! Allah o igidə zaval verməsin, ay arvad, sağlıq olsa, gərək bir şey bişirəsən, Mərdanın xəcalətindən çıxam…

Mərdan yorğun idi. Ayağı ilə Hacını təpikləyir, əli ilə tərini silir, tövşüyürdü. Nökərlərdən biri onun yanından külək kimi tünd ötdü və pıçıldadı:

– Durma, ələ keçərsən!

Mərdan bir Hacıya, bir nökərə baxdı. Hacının yaxasından qopartdığı gümüş saat sepoçqanı ovcunda oynatdı, cibinə qoydu:

– Uşağın paltarını gətirəndə, saatı apararsan!

Bunu deyib həyətdən çıxdı.

Hacının isə eşitmək taqəti qalmamışdı. Gah qılçasını, gah başını tutub sızıldayırdı, aşağıdan-yuxarı, yaralı tülkü ovçuya göz yetirən kimi baxırdı. Qurşağı yerdən sürünür, mandulə arxalığının parçalanmış yaxası sallanırdı. O, ufuldaya-ufuldaya, söyə-söyə qalxdı, üzünü nökərlərə tutdu:

– Siz də mat-mat baxırsınız, çörək tutsun gözünüzü!

Dinən olmadı, kim idisə deməyə bir söz tapdı:

– Biz nə bilək! – dedi. – Ay Hacı ağa, elə bildik ki, aranızda haqq-hesabınız var.

Hacı ufuldadı, əyri baxdı:

– Belə də haqq-hesab olar?

– Mən bilmədim, yoxsa onun cavabını verməyə nə var?

Hacı çömbəlib başını ovcuna aldı. Deyəsən, başını qarpız kimi sıxırdı. Sıxırdı ki, oradan bir çarə, bir tədbir tapıb çıxarsın.

Hacının səyi hədər getmədi. Bir şey yadına düşmüş kimi ikiəlli dizinə döydü, yerə oturdu:

– Vay mənim yadıma şiş batsın! Deyinən, ay külbaş, Ağarəşidin gümüş xəncərini sandıqdan çıxartsana! Çıxartxsana, it oğlunun qarnına soxsana!

Nökər onun qolundan tutub qaldırdı:

– Hacı ağa, yaxşı olub çıxartmamısınız, əldən gedərdi, hayıfdır!

Evə qayıdanda Mərdanın acığı bir az soyumuşdu. İşin axırını fikirləşirdi: «Yəqin Hacı şikayətə gedəcək, iş böyüdüləcək, rəng alacaq, protokol bağlanacaq… Burada həbs məsələsi var. Əbülfət uşağı – Hacının qardaşı oğlanları bu hayıfı yerdə qoymazlar. Divan-dərə əllərindədir. Adamı küçənin ortasında, günün günorta çağı vurub yıxa bilərlər. Kim kimədir!» Anası isə Mərdanı sevincək qarşıladı:

– Əziz qonağımız gəlib, səhərdən haradasan?

Mərdan içəri girib «xoşgəldin» eləmək üçün yuxarı başa baxdı. Bir adam görmədikdə üzünü çevirib soruşmaq istəyirdi ki, «hanı?» Qapıya tərəf yönələndə Sureni gördü:

– Suren!

– Mərdan!

İki yoldaş bir-birinə elə sarıldılar, elə suvaşdılar ki, görən deyərdi bunlar uzun illərin həsrəti imişlər və qiyamətədək aralanmayacaqlar.

Sona bu mənzərəyə dərin bir həsrət, odlu bir həyəcanla baxırdı. Baxırdı, gözlərindən ixtiyarsız axan isti damcıları hiss edirdi. Bu göz yaşları nədir. bunlar nə üçündür!

Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan? Axtarmısan, lakin sizi ayıran zaman, məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur.

Belə bir vəziyyətdə, gözlənilmədən, birdən-birə ürək sirdaşın ilə qarşılaşırsan. Burada adamın bütün qanı qəlbinə axır, ürək döyünür, gözlər böyüyür, sifət işıqlanır, güman edirsən ki, bütün arzuların qol açıb səni qucaqladı.

Mərdan da belə idi, Suren də belə idi. Düşmənlər alçaq fitnə ilə qardaşı qardaşdan, dostu dostdan, qonşunu qonşudan eləmək istəyirdilər.

Belə bir axşamda iki gənc rəncbərin, iki sirdaşın bir-birinə qovuşması Sonaya da, Mərdana da, Surenə də şirin yuxu kimi gəlirdi. Qucaqlaşanların əlləri bir-birinin kürəyində elə bərk kilidlənmişdi ki, deyərdin bır də açılmayacaq!..

Mərdan qollarını açıb Surenin üzünə baxdı, sanki illər ayrılığından sonra dostunun necə dəyişdiyini yoxlamaq istəyirdi. Nə hiss etdisə, bir də qucaqladı, səsində ayrı bir sevinc duyuldu.

– Ay Suren, zəmanə bizi nə ayrı saldı! Bəs kefin-halın? Səndən nə əcəb, Asmiq xala necədir? Otur görək.

Mərdan bu qarışıq günlərdə, bu şər vaxtında gözlənməyən qonağın nə üçün gecə gəldiyini soruşmamışdan bilirdi. Dağ kəndlərində talan və qırğın salan hökumət adamları əlsiz-ayaqsız camaatı da tərk eləyirdilər. «Yəqin ki, Suren baş götürüb qaçıb. Bəs o, nə üçün və nə cəsarətlə müsəlman kəndinə gəlmişdir?»

Bunu soruşmaq istəyirdi, lakin söhbəti arxayın vaxta qoymağı, hələlik təcili tədbir görməyi məsləhət bildi. Qapıya çıxıb ətrafa, küçəyə-bacaya baxdı, qonşu həyətə boylandı, sükutu dinlədi, həyət qapısını örtüb qayıtdı.

– Bilirəm, Suren, – dedi, – mənim evimə kefə-damaga, deyib-gülməyə gəlməmisən, qardaş. Allah baisin evini yıxsın! Bizi bir-birimizdən elədilər. Deyib-gülməyə yamanca həsrət qoydular. Bilirəm, qaçıb bura pənah gətirmisən, yaxşı iş görmüsən, ağıllı iş görmüsən.

Sona söhbətə qarışdı:

– Heç kəs, heç kəs bilməyib, Suren sakitcə gəldi. Bəs bu nə səfərdir, ay oğul, niyə məndən gizlədirsən?

Mərdan dedi:

– Bu saat, ay ana, bizi axtarırlar, kənddən çıxmalıyıq.

Sona bu ağır xəbərdən özünü itirdi. Rəngi qaçdı, yavaş, ehtiyatlı bir səslə dedi:

– Bəlkə bu yaxın yerlərdə daldalanasınız?

– Yox, ana, buralarda bizə gün işığını haram eləyərlər. Şəhər böyük yerdir… kim tanıyacaq, fəhlə baba…

– Bütün kənd sizi qoruyar, nə olub ki!

– Baxma, kəndin də gücü çatmaz, hər evi, hər kol dibini axtarırlar, iş qorxuludur!

– Bir yerini-yurdunu bilməyimmi?

– Sağlıq olsun, yazarıq, darıxmayın, ana!

Mərdan qardaşına, cunası parça-parça olmuş bir mitil altında büzüşərək yatan Bahara tərəf baxdı, anasına tapşırdı:

– Bahardan muğayat ol, fürsət tapsam, tez qayıdacağam'

Baharın adı gələndə Sonanın dərdi artdı və ürəkdən bir ah çəkdi:

– Tifil uşaq, ataya həsrət, qardaşdan da ayrılır!

– Ana, bir o deyil, minlərlə qardaşı, bacını, ana-balanı didərgin salırlar. İş başında cəlladlar, quldurlar oturub. Özün ki, bilirsən!

– Görüm heç sağ oturmasınlar!

Dostlar qapıdan çıxanda Bahar şirin yuxuda idi. Anası gözlərinin yaşını silir, ağlamağını qonaqdan gizlətmək üçün üzünü yana çevirib deyirdi:

– Uzaq getməyin, yaddan çıxarmayın, ay Mərdan, bilmirəm Bahara nə deyəcəyəm.

Mərdanın da qəlbi kövrəldi:

– Əlac nədir, ay ana, ovut, birtəhər ovut, sağlıq olsun görüşərik.

Mərdan və Suren, hər ikisi, qayğısız, dünyadan xəbərsiz yatan yorğun uşağın alnından öpüb evdən çıxdı.

– Salamat qal, ana!

– Salamat qalın, xala!

– Uğur olsun, balalarım!

– Can sənin, can Bahar əmanəti, ana!

– Hələ ki, sağam, xatircəm ol! Tez xəbər yollayın!

– Nigaran olma!

Şaraqqaşaraq qapı döyüləndə Mərdan ilə Suren divarın o üzündə, Kürdoğlunun bağında idilər. İkinci kərə qapı bərk çalxalananda onlar arpa zəmisi ilə yeyinləyib kənddən uzaqlaşırdılar. Lakin həm Mərdanın, həm Surenin ürəyi arxada, evdə qalmışdı. Onlar nigaran gedirdilər. Bəlkə də onlar qapı döyülməsini eşitsəydilər, qayıdar, gələnlərə cavab verərdilər.

Sona oğlunu yola salanda qapını örtüb möhkəm bərkitmişdi. Qüssə onu boğmuşdu. Su gətirmək bəhanəsilə arxın başında, əlində kuzə oturub ağlayırdı. Qapı döyüləndə tez evə yüyürdü. Lampanın işığını azaltdı, pəncərənin pərdəsini saldı. Həyətə çıxdı:

– Kimsən?

Sanki onun səsinə qapını daha da bərk döydülər. Daşlamı, təpikləmi, tüfəng küpü iləmi, bəlli deyildi. Ancaq bərk bir şeylə qapını elə çırpırdılar ki, az qalırdı divar sökülüb-tökülsün, çərçivə çıxsın.

Sona ehtiyatla qapıya tərəf getdi.

– Kimsən, qapı döyən?

– Ev yiyəsi hanı?

Bu səs Sonaya tanış gəldisə də, müəyyən edə bilmədi. Baş barmağının ucunda yavaş yeridi. Qapının arasından baxdı, bir şey görmədi. Qapını açdı, gödək və qıllıpapaq bir kişi dayanmışdı. Kişi əllərini xəncərinin qaşına qoymuşdu. Qapı açılan kimi soruşdu:

– Ev yiyəsini bəri çağır!

Sona arvad Hacı İbrahimxəlilin böyük oğlu Ağarəşidi tanıdı:

– Nə buyurursunuz?

– Buyurmağım yoxdur, qulluğunuza ərz eləməyə gəlmişəm!

Sona duruxdu. Ağarəşid bir də soruşdu:

– Bu evin kişisi var, ya yox?

Sona təkrar elədi:

– Nə buyurursunuz?

– Buyurmağım odur ki, kişi qabağına arvad çıxmaz!

Söz Sonanı tutdu. Özünü saxlaya bilməyib dedi:

– Arvad qabağında artıq-əskik danışmaq da kişiyə yaraşmaz, sözün var, söz danış!

Ağarəşid bir az ucadan dedi:

– Hanı, hanı o igid oğlun, bir qapıya çıxsın, danışaq!

– Evdə yoxdur!

– Necə yoxdur, ay arvad, bəri çağır!

– Yoxdur evdə, deyirəm yoxdur!

Ağarəşid quduz bir baxışla Sonanı başdan-ayağa süzdü:

– Bəlkə tumanının arasına girib, bir silkin görək!

Sona yerdən bir daş alıb elə hirslə Ağarəşidin üstünə atdı ki, dəysə, sür-sümüyünü sındıracaqdı.

– İtin qoduğu, məndən nə istəyirsən, bəs deyilmi?

Ağarəşid kənara hoppanıb özünü daşdan güclə qorudu: «Nə kafir arvaddı bu», – deyə qorxu, vahimə ilə dalı-dalı çəkildi.

Sona qapını bərk çırpıb qayıtdı.

Ağarəşid qapıda barmağını silkələyir, Mərdanın evdə olmadığını yəqin edib daha da havalı danışır, meydan oxuyurdu:

– Gizlən, ayaqyalın oğlu ayaqyalın, gizlən! Əlbət bir kənd içinə çıxacaqsan! Ya gərək sən dünya işığına həsrət qalasan, ya gərək mən papaq əvəzinə başıma ləçək bağlayam… Gizlən!

Bu sözləri deyib, yastı, qıllı papağını göyə qaldırdı, bayraq kimi silkələdi. Dönüb gedən də Sonanın evinə tərəf baxıb, bütün hirsi, kin və ədavəti ilə təkrar etdi:

– Gizlən… gizlən! Heç eybi yoxdur!..

Ağarəşid ötüb gedəndə çəpərin dibindən, söyüd ağacları altından iki nəfər hoppanıb yola çıxdı. Onlar tez də gözdən itdilər.

Söz yox ki, Ağarəşid hampalığına, belinin xəncərinə, qolunun qüvvətinə, sözünün kəsərinə arxalansa da, təkə-təklikdə Mərdanın üstünə gələ bilməzdi. Atasının döyülməsi xəbəri bir dəqiqədə bütün kəndə yayılanda, Mərdanın küçələri basa-basa gəlib Hacı kişini, kəndin ağsaqqalını, necə deyərlər, «tac-sərini» tamam bihörmət elədiyini eşidəndə Ağarəşidin canına lərzə düşmüş, özünü yığışdırmışdı. Bütün ətraf kəndlərdə rəncbərin, kəndlinin «cızığından çıxması» lap aydın surətdə Ağarəşidə göründü. Mərdan isə gələcək təhlükəli bir düşmən kimi onun gözündə böyüyür, ürəyinə vahimə salırdı. Ancaq o bunu büruzə verməməyə çalışırdı. Həyətdə, döyülən atasının başına yığışanların yanında atılıb-düşür, igidlik göstərir, hop-hop gəlirdi.

Hacı «bu saat» yüzbaşının dalınca adam göndərmək istəyirdi. Qarınca xanım birbaşa pristavı çağırmaq üçün atlı çapdırmağı tələb edirdi. Kimi axunddan şikayətlənir, ərizə yazılmasını məsləhət görürdü. Kimi Mərdanın «öyrədildiyini» iddia edirdi. Hacının qardaşı oğlu Bala Əbülfət irəli yeridi:

– Ay canım, ərizəni adamdan yazarlar, o nə itdir əlindən ərizə yazıla? Rəncbərdən də ərizə yazılarmı? Onun vayına oturmaq mənciyəzin boynuna! Bizə şikayətçilik yaraşmaz. Bizimki igidlikdir: rast gəldimi, vur öldür, dağıt. Qoy səndən şikayətə getsınlər. Kişi arvaddan şikayət eləməz, arvad kişidən şikayət eləyər. Mənim əllərimi pişik yeməyib ki? Şikayətim budur ey, var olsun yaman günün yarağı – qaşlı xəncər. Bu saat o lüt oğlunun baş-gözündə qırmızı xətlə bir ərizə yazım ki, qiyamətəcən şəhərbəşəhər oxunsun!

Bala Əbülfət bunu deyib qapıya yönəlmək istəyəndə sanki Ağarəşid yuxudan ayıldı:

– Əmioğlu, – dedi, – sən dayan, özüm öhdəsindən gələrəm.

Əmisi oğlanlarının da ona qoşulduğunu görüb cürətləndi, düşmən üstünə üçlükdə gəldilər. Öz aralarında tədbir tökmüşdülər. Ağarəşid qabaqca hərifi çağıracaqdı. Hərif onu tək görüb çıxanda o birilər quzğun kimi töküləcəkdilər üstünə.

Ağarəşid məhz yanınca gətirdiyi əmisi oğlanlarına arxalanaraq Sona ilə ucadan danışıb hədə-qorxu gəlir, meydan oxuyurdu.

Səhər açılmamış yüzbaşı Yassar Lətif Mərdangilin qapısını kəsdi. Sonra arvadın üstünə qışqırdı ki, «ya Mərdanı ver, ya dürüst yerin de!»

Sona and-aman elədi.

– Ay Lətif qardaş, özüm də bilmirəm. Axşam evdən çıxdığıdır.

Əhvalatı da özgədən eşitmişəm.

Yassar Lətif qaşqabağını töküb ədalı-ədalı soruşdu:

– Kimə biçirdi?

– Heydər uşağına!

– Aşağıküçəlilərəmi?

– Bəli, aşağıküçəlilərə!

Yüzbaşı atı Heydər uşağının biçənəyinə çapdı, güman edirdi ki, Mərdan biçinə getmiş olar. Biçənəkdə şehi qurumamış ot içində iki nəfər kərənti çalırdı. Deyildiyinə görə, Mərdan heç bu günü işə gəlməmişdi.

İKİNCİ FƏSİL
«PONYATNO! PONYATNO!»

Qarışqa qanad gətirəndə ölümü yaxınlaşar.

ATALAR SÖZÜ

Bahar Daşlıcada quzu otarırdı. Təpənin böyründə qar ərimiş, yenicə qurumuş quzeydə bir otluq yer tapmışdı. Sıx bitən körpə, yaşıl məxmər otlar torpağı örtmüşdü. Bahar quzuları mal-heyvan ayağı dəyməmiş bu xam yerə buraxdı.

O, həmişə otluq yer tapanda sevinərdi, çünki quzular, tərs çəpişlər uzağa getmir, başıaşağı otlayırdılar. Quzuların xırıt-xırıt otlamağı Baharın xoşuna gəlirdi. Aclığın dadını bildiyi üçün quzunu doyurmamış evə qaytarmaq istəməzdi.

Quzular ota daraşıb bir yerə komalaşanda Bahar arxayın oldu ki, heyvan buradan özünü doyurmamış çəkilməyəcək, heç yerə getməyəcək. Bir də gün əyiləndə dərəyə tökmək, suvarmaq lazım olacaq. Bahar indi özünü dinc, sərbəst hiss etdi, oynamaq istədi. Əl edib aşağıdakı quzuçuları hayladı. Qonşuları Mürsəl də dərədə otarırdı. Baharın səsini eşidib quzuları yuxarı diklədi.

Bahar onun özünü çağırırdı. Oynamağa çağırırdı. Hay vurdu.

– Özün gəl, ay Mürsəl, özün!

Mürsəl quzuların dalınca yüyürüb ağzını qaytarırdı. Ayaq səslərindən Baharın dediklərini yaxşı eşitmədi. Dayanıb əlini alnına qoydu, ona sarı baxdı. Bahar əli ilə işarə verirdi.

– Ayə, özün gəl, quzuları gətirmə, ey, gətirmə!

Mürsəl cavab verdi:

– Başına buraxa bilmərəm axı!

– Buradan baxarsan, görükür!

– Uzaqdır, sonra bir şey olar.

– Nə olacaq günün günortasında.

Mürsəl razı olmadı:

– Oynamıram!

Bahar qışqırdı:

– Yaxşı, sür gəlsin!

Mürsəl də quzularını Baharınkılara qatdı. Onunkular lap ac idi, Bayaqdan dərədə, su kənarında, daşlar arasından tək-tək ot yarpağı tapan quzular indi lap yaşıllığa düşmüş, xırpaxırp salmışdılar. Çoxu tez-tez otlaya-otlaya sanki bir məhvər ətrafında hərlənirdi. Öz dövrəsindəki otu elə təmiz yeyirdi ki, deyəsən bu yeri, bir boşluq, tala açmaq üçün oraqla biçiblər.

Mürsəl belə quzularına «təndirqoyan» deyirdi.

Bahar çarığının burnu ilə torpağı eşib hamarladı:

– Qat-qat oynayaq.

– Məndə aşıq azdır.

– Məndə də. Səndə neçədir?

– Ver bir az.

Bahar yumruğunu düydü. Mürsələ tərəf tutdu.

– Təksən, cüt?

Mürsəl onun balaca yumruğunu ovcuna aldı, ovcunda soyuq bir daş duydu, diqqətlə baxdı. Onun balaca, quru barmaqlarında budaqlanan göy damarları və hətta sümükləri də görünürdü. Ancaq təkmi, cütmü daş götürdüyünü bilmək olmurdu. Barmaqlarını ovcuna bərk sıxmışdı. Əli ilə Baharın yumruğuna vurub dedi:

– Tək!

Oyun Baharın idi. O, cibindən çıxartdığı rəngbərəng aşıqlardan bir çəngə yerə tökdü, iki dənəsi alçı durdu.

– Ötür iki aşıq!

Mürsəl əlini cibinə salıb aşıqları çəngələdi, lakin cibindən çıxarmadı. Başını yana əyib cibində aşıqlara baxdı, xırdasını və pisini seçdi, Baharın üstünə atdı.

– Ədə, a çoban, quzuyu qaytar hay!.. Qoruğa qoyma hay!

Bahar dik atıldı. Quzular uzaqlaşmışdı. Bir neçəsi təpəciyi aşıb qoruğa yaxınlaşırdı. Mürsəl dedi:

– Mənimkilər təndir qoyur, sən yüyür!

Bahar enişə doğru qaçdı. Mürsəl qoruqçunun qorxusundan öz quzularını ayırdı. Bahar dərəyə yaxın qoruğun mərzindən quzuları haylayıb geriyə apardı.

Qoruqçu kövşəndə olanda oynamaq qorxulu idi. Bahar aşıqlarını gizlədib quzunun dalınca düşdü. Ağacı çiyninə qoyub fit verə-verə yeriyir, hərdən dərəyə daş atır, kol-kosu eşələyir, quş axtarırdı.

Belə yerlərdə qaranquş, qazalaq, göyərçin, bildirçin, kəklik yuvası çox olurdu. Baharın gözü otların arasında bir şeyə sataşdı. Diqqət eləyəndə dayandı. Ot basmış daşlar altında çil-çil bir şey görünürdü. Bu, quş qanadı deyilmi? Bahar əyiləndə kəkliyin başını gördü. Kəklik tərpənmirdi. Bahar yavaş yeridi. Papağını tez yuvanın ağzına basdı. Kəklik bərk çırpındı, qanad çaldı. Az qaldı əldən çıxsın. Bahar onun quyruğundan yapışdı. Quş dartınıb uçmaq istəyirdi. Bahar onu sevincək, ikiəlli qucağına basmışdı. Kəkliyin bala çıxardığını zənn edib yuvasına baxanda boz və balaca yumurtalar gördü. İsti, göyçək yumurtaları aşıq kimi ovuclayıb cibinə doldurdu. Dünyaları fəth etmiş kimi yeyin, sevincək yeridi. Mürsəli arzuladı. O inanmayacaq, inanmayacaq ki, Bahar kəkliyi diri tutmuşdur. Bahar isə daş altında gördüyü yuvaya necə ehtiyatla yanaşdığını danışacaq, yoldaşını daha da heyrətə salacaqdı… Bu hisslə yoldaşını neçə dəfə çağırdısa da cavab gəlmədi. Mürsəl dərədən o taya aşmış, uzaqlaşmışdı.

Burada dağlar arasında isə kimsə yox idi. Quzular balaca sahiblərinin şənliyindən xəbərsiz kimi başıaşağı otlayır, addım-addım yeriyirdilər.

Bahar quzularını ağzı yuxarı diklədi, özü da xeyli dikləndi, sonra dönüb üfüqə baxdı. Ayaz göy məxmər pərdəsini dağların üstünə salmışdı. Tək-tək uçan, ağır ləngərlə qayalar üstündə dövrə vuran qartallar hərdən ildırım kimi yerə şığıyırdı, o saat tülkü, dovşan səsi eşidilirdi. Bahar da indi bir ovçu idi. Onun ovu gözəl, qaragöz kəklik idi.

Bu axşam Baharın sevinci hədsiz idi. Özünü itirmişdi. Danışmağa adam axtarırdı.

Kölgəsinə baxıb vaxta çox qaldığını gördü. Kölgələr yenicə sallanır, gün yenicə əyilirdi. Bahar quzuların dalınca gedir, kəkliyin balaca, yumşaq, yaraşıqlı başını tumarlayıb badam kimi iri, qəşəng, sanki sürməli gözlərinə baxır, xəyal eləyirdi:

«Anam məni öpəcək. Deyəcəyəm kəkliyimə qəfəs al, bala çıxartsın, çöldən sünbül gətirim, yemləyim, böyüdüm, qağam biçindən qayıdanda, Suren əmim qonaq gələndə biz də quş kəsək…»

Bahar qucağında quş, əl ağacını qoltuğuna sıxmış, xoşbəxt xəyallar içində yoxuşu sürətlə çıxırdı. Birdən qəlbindən bir pıçıltı qopdu. Sanki ürəyi sinəsindən uçub getdı. Bahar yüngülləşən kimi olub xəyaldan ayıldı, dayandı. Dərəyə sarı uçan, güclü və iti qanadları ilə havanı yarıb gedən kəkliyə həsrətlə baxdı. Qucağının soyuduğunu hiss etdi. Bəlkə birtəhər tutmaq, daşla vurmaq gümanı ilə yüyürdü. Xeyli qaçmışdı. Səs eşitdi. Deyəsən kimi isə çağırırlar. Söyüd ağaclarının altında iki adamın əl elədiyini gördü. Dayandı. Gələnləri gözlədi. Biri Ağarəşidə bənzəyirdi, o birini tanımaq olmurdu. Bahar dizində soyuqluq duydu. Diqqət edəndə dizliyinin bir yandan sapsarı saraldığını, yumurtaların ovxam-ovxam olduğunu gördü. Çiynindən çörək dəsmalını açıb təmizlədi, cibini qurutmaq üçün tərsinə çevirdi. Bayaqkı aydın, təzə və xoş xəyalların yerinə yenə həmişəki ağır, qaranlıq, həsrətli yetimlik pərdəsi çulğadı.

Gələn Ağarəşid ilə Yassar Lətif idi. Bahar onların harasa ötüb gedəcəklərini güman edirdi. Dümdüz ona sarı gəldiklərini görüb məəttəl qaldı. «Mənnən nə işləri var?»

Çatan kimi Ağarəşid Baharın qolundan tutub sürüdü:

– Sən bizə gərəksən!

Bahar qorxdu, qışqırıb ağladı. Yassar yüzbaşı ona toxtaq verirdi:

– Qorxma. bala, söz soruşacağıq, qorxma!

Bahar getmək istəmirdi:

– Soruşun da, burada soruşun, deyim!

– Bura yeri deyil, gəl!

– Quzularım başınadı!

– Gəl, sənə deyirlər, gəl!!!

Yassar Lətif uşağı itələdi. Bahar elə zənn etdi ki, dərəyə, döyməyə aparırlar, Ağlayıb yalvardı:

– A Lətif dayı! Qurban olum, a yüzbaşı! Məni hara aparırsan?

– Qaraçılıq eləmə, gəl!

Bahar qorxusundan bilmədi nə etsin. «Ana, ana!» deyib gözünün yaşını tökdü.

Yassar bir qoltuğundan, Ağarəşid də bir qoltuğundan götürüb canavar quzu aparan kimi Baharı apardılar. Uşağın ayağı yerdən üzülmüşdü.

Baharın qışqırtı və yalvarışı gövşənə düşmüşdü. Biçinçilər haraya çatmaq üçün səs gələn tərəfə dikləndilər. Yassar çömçə kimi iri və sərt ovcunu uşağın ağzına basanda quzeydən qışqırdılar:

– Bağrı çatlar, ay kişi!..

– Sürümək nə üçün, özü gedir ki!..

Birisi bərkdən deyirdi:

– Sənin Allahın yoxdurmu, a namərd, uşağın nə günahı var? Acizmi tapmısan, a yüzbaşı!

– Qansız!

Bu səsləri Yassar eşidir, daha da hirslənirdi. Dişi bağırsağını kəsirdi. «Nə üçün gecə ilə uşağı çağırıb xəlvəti danışdırmadı, onda, belə hay-küy düşməzdi! Kəndlinin ağzını yummaq da asan deyil!»

Yassar, Baharın qollarından bərk-bərk tutub sürüyürdü. Dodağını gəmirə-gəmirə, qızaran gözlərini düzlərə yayındırıb baxırdı. Baxırdı, ürəyində hədə gəlirdi: «Ay it uşağı, yüzbaşını uzaqda görürsünüz! Əlbət başım açılar, sizə də bir əl qataram. Baxarsınız, Allahım var, ya yoxdur!»

Mürsəl quzularını dərəyə suvarmağa aparmışdı, Baharın qışqırıq səsini eşidib diksindi. Ona elə gəldi ki, Baharı ilan vurub, ya cana-vara rast gəlib. Çomağını qapıb səs gələn tərəfə yüyürdü. Uca, sıldırım qayalar Baharın səsini alıb bir az da bərk və bir az da yanıqlı təkrar edir, sanki bütün aləmi – dağları, daşları köməyə çağırırdı. Mürsəl var gücü ilə qaçırdı. Səsin boğulduğunu duyub ağlamsındı. Özünü Baharın yanına saldı.

Mürsəl, Baharı bu vəziyyətdə, qorxulu əllərdə çapalayan görəndə ixtiyarsız ağladı. Yüzbaşının dalınca qaçıb yalvarmaq istədi. Lakin bunun nəticəsiz olacağını düşünüb geri qayıtdı. Tələsik dərəaşağı qaçdı. Birbaşa kəndə yüyürdü. O, Baharın anasına xəbərə getdi.

Baharın ağlamaqdan tutulan sızıltılı səsi kəsilməkdə idi. Uşaq lap dildən düşmüşdü. Böyümüş gözlərindən axan yaş yaxasını islatmışdı. Uşaq hər ötəndən kömək, hər addımda mərhəmət axtarırdı. Ötənlər isə başlarını aşağı salıb gedir, yaxud Yassara lənət oxuyurdular. Uşağı dəftərxanaya apardılar.

Yüzbaşının otağında bir dəstə yad adam var idi. Onların hara-dansa kəndə yenicə gəldiyini danışırdılar. Çalbaş, gödək, şeşəbığ, sifətindən zəhər yağan kişi irəli yeridi. Yassar Lətifə acıqlandı.

Baharı dilə tutdu:

– Uşağı niyə incidirsiniz, ağlama, bala, ağlama!

O, Baharın başını tumarladı. Uşaq bir az da kövrəldi. Gözündən damcı-damcı yaş tökdü. Bahara kökə gətirdilər. İki parça qənd verdilər, Bahar əl vurmadı. «Sovqatı» onun ətəyinə qoydular. Bahar ətəyini silkib şeyləri yerə saldı. Şeşəbığ, Bahara sarı əyilib onu danışdırırdı:

– Ağlama, oğlum, səndən söz soruşuruq, sən yaxşı oğlansan, niyə ağlayırsan? Bu saat buraxaram, anayın yanına gedərsən. Al, bu da sənə gilas pulu! Ağlama…

Bahar dirsəyi ilə şeşəbığ kişinin iki abbası pul təklif eləyən əlini rədd etdi. Başını aşağı saldı. Şeşəbığ soruşdu:

– Kimin nökərisən?

Bahar dinmədi.

Şeşəbığ başını qaldırıb Yassardan uşağın adını öyrəndi və yenə mehribanlıqla soruşdu:

– Oğlum, Bahar, de görüm, ağan kimdır?

Bahar gözünü silə-silə cavab verdi:

– İlyas bəy!

– İlyas bəy? Ay sağ ol! Yaxşı, bəy səni çox işlətmir ki?

– ......

– İncitmir ki səni?

– …Yox!

Şeşəbığ geri dönüb yasavula nə isə dedi, yasavul çıxdı. Şeşəbığ davam etdi.

– Bəyin quzusuna gedirsən, hə?

– Hə…

– Otarırsan, yaxşı, bəs bəy sənə paltar niyə vermir?

– Verir!

– Verir, hə, deməli, sən özün təzə paltarı geymirsən ki, təzə qalsın, eləmi?

Şeşabığ sualının mətləbdən kənar düşdüyünü fikirləşib geri döndü, sözünü dəyişdi:

– Bəs atan kimdir?

– Ölüb!

İlyas bəy içəri girəndə Şeşəbığ belini düzəltdi. Bahara işarə edib geri çəkildi. İlyas bəy onun yerinə keçdi. Sifətinə süni bir mehribanlıq verib uşağı dindirdi:

– Bıy, mənim quzuçum burda nə gəzir? Bəs quzuları kimə tapşırmısan, ay qırışmal?

Bahar dinmədi. Sonra kəsmə-kəsmə, güclə deyə bildi:

– Məni bunlar gətirib.

Bəy ağaralara baxdı.

– Deyəsən bu ağlayıbdır? – Şeşabığa baxıb dedi. – Bəy, aram dəyər ha, mənim quzuçumu kim ağladıb? Belə üzüyola uşağın qəlbinə dəymək olmaz, bəy. Sizdən inciyərəm ha!

İlyas bəy, adətindən kənar olan bir vəziyyət aldı, şalvarının dizlərindən tutub yuxarı çəkdi, Baharın qabağında çöməldi, əlini onun başına, dağınıq, qara qıvrım saçına çəkib dedi:

– Qoçaqdır, çox qoçaqdır mənim quzuçum. – Əlini Baharın kürəyinə qoydu.

– Yaxşı, bəs pulları nəyə xərclədin?

Bahar dinmədi.

İlyas bəy bir də soruşdu:

– Bəs Mərdan verən pulu nəyə xərclədin?

– Pul yoxdur!

– Bəs Mərdan vermədi?

– ........

– Bəs sənə beş manat naçay göndərmişəm. Tapşırmışam özünə versin, iki gün bundan qabaq?

Şeşəbığ dilləndi:

– A bəy, Mərdana lazım olub, yəqin qonağı-zadı gəlib, yoxsa Baharın pulunu xərcləməz. Baharı o çox istəyir.

Dayananlardan biri dedi:

– Şəhərdən Bahara çust almağa gedib, eləmi, Bahar?

İlyas bəy təkrar Baharın başını tumarladı:

– Hə? Qonağınız var idi?

– .......

– Nə bişirmişdi anan?

Bahar başını qaldırıb bəyin üzünə baxdı. Sanki baxışı ilə bu danışıqların, ömrü boyu görmədiyi, düşünmədiyi bu əzizləmənin mənasını bilmək istəyirdi. Şeşəbığ kişinin sifətində isə çoxdan bələd olduğu bəylikdən başqa bir əlamət görmədiyi üçün əvvəlki vəziyyətində durdu:

– Anan nə bişirmişdi?

– Heç nə!

– Bəs nə yedi qonaq?

– Yemədi!

– Kim idi qonağınız?

– Suren dayı!

Uşağın bu cavabı bəylərin hamısının məmnuniyyətinə, şən hərəkətinə səbəb oldu. Otaqda xoş bir tərpəniş duyuldu. Çətin bir düyün açılmış kimi adamların tutqun sifəti açıldı. Bunu Bahar da hiss edib ətrafına baxdı. Hamıdan çox sevinən İlyas bəy gözü ilə Şeşəbığa işarə vurdu. Uşaqdan aldığı cavabın özünün böyük məmurluq məharəti və xəfiyyə hünəri kimi qələmə verib qəddini düzəltdi, bir papiros yandırıb davam etdi:

– Hə, Suren dayı, Suren dayı, hə! Tanıyıram, o mənim dostumdur ki, bizə də gəlmişdi. Suren!

İlyas bəy sözünü xüsusi bir əda ilə dedi; çünki burada onun sevinci ilə nifrəti qarşılaşmışdı. O, Bahardan istədiyini ala bildiyinə nə qədər sevinirdisə, «Suren» adını eşitdiyinə o qədər hirslənirdi. Məqsədinə nail olduğu üçün qəzəbini boğdu, ah çəkdi. Nəfəsini dərdi. Şeşəbığın üzünə mənalı baxdı.

Şeşəbığ tədbirli adam idi. İlyas bəy him elədi ki, «Soruş, hə-a, çox şey var, soruş, fürsətdir! » İlyas təkrar uşağa müraciət etdi:

– Bəs Suren dayının yoldaşları kim idi?

– Bilmirəm!

– Bəs nə təhər adam idilər, şəhərli idilər, yoxsa bizim kənddən?

– Kim?

– Suren dayının yoldaşları!

– Görmədim.

– Hə… Bəs Suren dayı sənə nə bağışladı?

– Heç nə.

– Hara getdilər?

– Biçinə.

İlyas bəy dayananlara baxdı. Heç kəs dinmədi. Otağı dərin, mənalı bir sükut bürüdü. Şeşəbığ, İlyas bəyə baxa-baxa, razılıq işarəsi olaraq ağarmış başını ahəstəcə tərpətdi. İlyas bəy də ona yanaşıb, qulağına deyirmiş kimi, yavaşcadan təkrar etdi:

– Ponyatno, ponyatno!

Mürsəl kövşəndən qaça-qaça Baharın anasına xəbər aparanda Sona ocaq başında idi. Sac qızdırıb fətir salmaq istəyirdi. Baharın başına gələni eşidib özünü itirmişdi: o, bilirdi ki, kiçik bir uşağı söz almağa aparırlar. Onu da bilirdi ki, Bahardan nə soruşsalar, deyəcəkdir. Söz gizlətməyi nə bacarır! Fağır bir kənd uşağıdır, «biclik» bilməz. Yüzbaşının hiyləsini nə başa düşəcək!

Ayaqyalın, başıaçıq dəftərxanaya yüyürdü. Qapıda kəndlilər gözləyirdilər. Kənar sütunlarda at bağlanmışdı. Sona düz içəri yeridi.

Yasavul mane oldu:

– Hara soxulursan, ay arvad?

– Yüzbaşı buradadırmı?

– İşi var!

– Söz deyəcəyəm, qoy gedim.

– Olmaz!

– Vacib sözüm var!

– Olmaz dedim!

– Necə yəni olmaz? Bəs bir parça uşağın bağrını çatlatmaq olarmı?

Sona sözünü deyib yasavulun sinəsindən itələdi. İçəri yüyürdü. Yasavul qışqırdı:

– Ay ərkansızın qızı, bəri qayıt görüm!

Sona baxmırdı. Dəhlizdəki adamları aralayıb özünü dib otağa salmaq istəyirdi. Yasavullar onu qucaqlayıb qapıya atdılar. Sona gücü gəldikcə qışqırdı və yenə idarəyə yönəldi. Qışqırığa camaat töküldü. Yassar Lətif dib otaqdan tələsik çıxdı, adamlara acıqlandı.

– Ay camaat, dəftərxanada adam var axı! Vacib iş görürük axı, nə qışqırırsınız?!

Bu halda Bahar qapının ağzında göründü. Anasının səsini eşidəndə dayana bilmədi, özünü Sonanın üstünə atdı.

– Ana! Haradasan, ay ana!

– Can bala, bu qansızlar səndən nə istəyirlər?!

ÜÇÜNCÜ FƏSİL
TƏCİLİ TƏDBİR

Arxalı köpək qurd basar.

ATALAR SÖZÜ

Dairə müstəntiqi şeşəbığ kişi Baharı danışdırıb qayıdan günün sabahı, səhərin gözü açılar-açılmaz Güney kəndi atlı ilə doldu. Bu son günlərdə Güneydə inkişaf edən qəribə hadisələrin sürəti hamını düşündürür, məşğul edirdi: köç yolunun qırağında, balaca bir gölün ətrafında, uzun qovaq, qarağac, söyüd kölgələrində səssizcə yatan, zahirən səs-küydən uzaq görünən kənd, indi dəstə-dəstə atlıların, pristavların, naçalniklərin, müstəntiqlərin ovlağı olmuşdu. Yüzbaşının başı yaman qarışmışdı. Gələnlər bir deyil, iki deyildi. Ömründə ayağı bu yerlərə dəyməyən böyük qulluq sahiblərindən tutmuş Bağbanlardan çağrılmış etibarlı bələdçilərə qədər hər gələnin qabağına çıxmaq, atının cilovunu tutmaq lazım idi. Hampalar, hacılar kömək etsələr də Yassar Lətif özünü itirmişdi. Rəngbərəng, müxtəlif biçimdə, müxtəlif cinsdən olan atlar kişnəyərək kəndi-kövşəni başına alır, küçələri tozanaq edirdi. Faytonlar dar küçələrə yerləşmirdi. Adamlar tez-tez yığışıb dağılırdı. Doqqazdan həmişə söyüş, qışqırtı, ağlamaq səsi gəlirdi. Ağsaqqallar, mollalar məsləhətə, məşvərətə gələnlər əlindən macal tapmırdılar. Kənd qoşunkeşlik zamanları andırırdı.

Bəziləri bunu, bu həngaməni, ümumiyyətlə, dünya işlərinin «çəlpəşik» düşməsi ilə, bəziləri Allahın günahkar bəndələrə keçən qəzəbi ilə, çoxları isə bəylərin, böyüklərin qudurğanlığı ilə izah edirdi. Bunların hansının düz olduğunu düşünüb müəyyən etməyə vaxt da yox idi. Bir-birini təqib edən, bir-birindən sərt və nagahani görünən hadisələr ara vermirdi. Bir də görürdün ki, dəyirman üstündə itlər hürüşdü, dəstələri ilk qarşılayan da itlər olurdu.

Kəndə hay düşəndə Yassar yüzbaşı, Hacı İbrahimxəlil, Fazil molla cəld doqqaza çıxıb atların cilovunu tuturdular.

Yassar bu dəfə atlıların içində nahiyə pristavı Ağa bəyi görəndə yəqin elədi ki, dünənki əhvalatı eşidib Mərdanın işi üçün gəliblər. Yəqin elədi və çox da sevindi. Düşündü ki, Ağa bəy onun, Baharı kövşəndən qulaqlayıb bağırda-bağırda gətirməkdə, Mərdanın evini axtarmaqda, kənddən mahala qədər aləmə səs salmaqda göstərdiyi canfəşanlığı eşitmişdir. Buna görə də pristav onu əzizləyəcək, afərin deyəcəkdir, yanına çağırıb məsləhətləşəcək, idarəsinin sirrini, ürəyinin bütün sözünü ona açacaqdır. Bu ümidlə sevinən Yassar, nökərlərə macal vermədən Ağa bəyin atını tutmağa yüyürdü, yetişən kimi iki əlini bəyə tərəf uzadıb gülümsər və tabe halda dedi:

– Bəy cənabları çox xoş gəliblər!

Ağa bəy ona əl vermədi. Qəzəbli və dəvərə gözləri ilə acıqlı-acıqlı baxıb dedi:

– A binamus oğlu binamus, utanmırsan, mənə də əl verirsən?! Bolşevıklər kəndi dağıdırlar, sən harda küllənirsən, ay arvaddan əskik? Günün günortaçağı Hacı palan kimi şappaşap döyülür, sən daxmada fıshafıs yatırsan?!

Ağa bəy yumru və yoğun gövdəsini hirslə atdan yerə saldısa da, nəzərini Yassarın sapsarı saralan və sanki bu saat kiçilən sifətindən ayırmadı. Yassar, pristavın gözlərindən od töküldüyünü görüb əsdi, kənara çəkildi, tilov əlindən yerə düşdü.

Atlıların içində Gəncədən çağırılmış Nəşət çavuş deyilən bir osmanlı zabiti ortada fır-fır fırıldayırdı. O, çox zəhmli və zalım adam idi. Qabağına gələni qamçılayır, qışqırtısından qulaq tutulurdu. Adamların üstünə də cumurdu ki, deyərdin kəsməyə baş, içməyə qan axtarır.

Bir neçə nəfər də pristavın öz adamlarından gəlmişdi. Hacı İbrahimxəlil qabağa düşüb gələnləri öz evinə, ikinci qatda əziz qonaqlar və divan adamları üçün saxladığı, fərşlə döşənmiş otaqlara apardı. Atları isə küçədə gəzdirib tərini soyudurdular.

Bahar İlyas bəyin samanlıq damında oturub tamaşa eləyirdi, ağlına gəlməyən, beyninə sığmayan qəribə-qəribə işlər görürdü. O görürdü ki, kəndin ağası, camaatın canına əzrail qorxusu salan yüzbaşı, Vəznəli kişinin – Ağa bəyin qabağında tülkü kimi qorxur, tula kimi yellənir. O görürdü ki, qabağında heç kəsin cıqqır çəkməyə cəsarət etmədiyi kişiyə itin sözünü deyirlər, başını qaldırıb cavab da vermir, sanki onun kəndliləri söyən dili kəsilmişdi. Həmişə oynayan çənəsi yerindən çıxmışdı.

Bahar görürdü ki, kürkünü, çuxasını nökərlərə təmizlədən Yassar, Vəznəli kişinin yanında ikiqat bükülür, ayağına yıxılıb öpmək istəyir, Dustaq kimi başıaşağı, qaşqabaqlı, dinməz-söyləməz yeriyir. Bahar görürdü ki, həmişə kənddə burunlarını dik tutub gəzən, heç nəyi, heç kəsi saya salmayan yasovullar, indi gəzən məmurların atını yemləyirlər, üstünün tozunu təmizləyirlər.

Bütün bunlar Bahara yuxu kimi gəlirdi. O, necə təəccüb etməsin ki, ayrı vaxt çiynində Xorasan kürkü, əlində kəhrəbalı əsa, qurşağında gümüş başlı çubuq, başında Buxara papağı olduğu halda xınalı saqqalına sığal verib darvazasında ağır dayanan, gəlib-gedəni məxluq saymayan, istədiyi adamı döydürən, nökərlərə çımxıran Hacı İbrahimxəlil, osmanlı zabitinin qabağında əl-əl üstə qoyub gəzir, döşəmiş evlərini göstərir, minbir dil tökür:

– Əfəndim həzrətləri buyuracaqlar, qulluğu-şərifinizdə kəmər-bəstə hazırıq! Nökəriniz hacı… Hacı İbrahimxəlil… Bəndəniz varıq…

Bahar görürdü ki, məmurlar qamçılarını uzunboğaz çəkmələrinə vurub şaqqıldadır, küçədə uşaqları qorxudurlar. Məmurların biri çərçiyə yanaşıb yüklü eşşəyi dayandırdı.

– Körpə xiyardan neçəyədir, a çərçi? – deyə əlini səbətə saldı. Bir ovuc peyvənd alça çıxarıb birini ağzına qoydu, ovcundakıları göstərib yoldaşlarını da səslədi:

– Bəri gəlin, əyə, bəri gəlin!

Çərçi şeylərinin talanacağını görüb xəlvətcə eşşəyini bizlədi, aradan çıxmaq istədi. Yumru məmur səbətdən bərk-bərk yapışıb buraxmırdı. Çərçi eşşəyin yerimədiyini görüb mat-mat məmurun üzünə baxdı. Məmur acıqlandı:

– Nə marıtlayırsan oğru pişik kimi?!

– Xan, heç, sizə baxıram!

– Mənim nəyimə baxırsan, əşi?!

Çərçi dedi:

– Xan, mən baxıram, lap məəttəl qalıram! Maşallah, eşşəkdən güclü imişsən!

Məmur öz gücünə, qıraqdan baxanların bunu hiss etdiyinə fərəhlənib səbətdən daha da bərk yapışdı. Qolunu salıb meyvələri ciblərinə doldurmağa başladı. O biriləri da daraşdılar, çərçi dilləndi:

– Xan, bəs bunun ölçü-biçisi yoxdur?

– Mənim ovcum tərəzidir, düz girvənkə tutur.

– Bəs pulu kimdən çatacaq?

Məmurlar gülüşdülər:

– Həzrət Abbasdan!

Hacının təzə, böyük, bahalı fərşlə döşənmiş, eyvanına sarmaşıqlar və tənəklər dırmaşmış evində şirin ziyafət idi. Hacı hərdən gələn qonaqları razı salmaq, həm də özünün qüvvəsini, «var-dövlətini» göstərmək üçün əlindən gələni edirdi.

Dal həyətdə mehtərlər axurlara xəlbir-xəlbir arpa tökürdülər. Atlar qızışıb hırnaşır, hoppanıb düşür, cilovların qırıb qaçmaq istəyirdilər.

Qonaq həyətində isə özgə bir aləm vardı. Atların kişnəməsi eşidilmirdi, eşidilə də bilməzdi, çünki qonaq həyəti dal həyətdən tamam kənar salınmışdı. Hacının qonaq həyəti mahalda məşhur idi: dörd-bir yanı uca, quşqonmaz möhrə divarlarla örtülmüşdü. Hər küncdə bir cüt uzun, buğum-buğum maral buynuzu sancılmışdı. Buynuzlu künc divarlar sanki fələklə döyüşmək üçün göylərə baş qaldırmışdı.

Hasar boyu uca divar üstündə iti, rəngarəng şüşə qırıqları sancılmışdı.

Bu şüşələr yalnız oğru-əyridən qorunmaq üçün deyildi. Bunlar həm də gün işığında uzaqdan bərq vurur, qiymətli daş-qaşı xatırladırdı. Hacı üzü atla dolaydan ötəndə cilovu çəkib dayanar, həyətinə dönə-dönə baxar, «Çargül boyunbağı»dan həzz alardı.

Həyətin içi elə qaranlıq idi ki, evlər çətin seçilirdi. Gilas, ərik, şaftalı, alma, armud ağacları, söyüd, nar çiçəkləri, qızılgüllər bir-birinə qarışıb kənardan baxana nəhəng bir gül dəstəsi kimi görünürdü. Böyük çarhovuzda qaz, ördək üzürdü. Evin səqflərində, damında yaşayan göyərçinlərin sayı-hesabı yox idi. Onlar qanad açıb, havada cövlan vurub oynadıqca sanki Hacının başına qızıl-gümüş nisar edirdilər.

Lakin bu gün quşlarla maraqlanan yox idi. Baş yaman qarışıqdı.

Nökərlər sədri düyüsünü möhürlü kisələrdən açıb qazana tökürdülər. Qarın-qarın inək yağı gəlirdi. Qucaq dolusu qab gətirilirdi, qat-qat ağ lavaş doğranılırdı. Bir saatdan çox olardı ki, dükançı Ağaələsgər qaz boynunu uzadıb müştərilərinə demişdir: «Camaat, dükan Hacıya zanitdir, qıraq adama şey satılmır». Ağaələsgərin səliqəsilə kisələrdə çəkilmiş kişmişi, albuxaranı, şabalıdı, əriyi daşıyan kim, araq-çaxır şüşələrini yığmaq üçün səbət gətirməyə gedən kim, zəfəranı bəyənməyib geri qaytaran, lumu cövhəri üçün qonşu kəndə at çapan kim…

Ləklərdən təptəzə şüyüd biçmək üçün dirrikçi Rəhimi kövşəndən tapıb atla apardılar. Yumurta sarısından aşa qazmaq salmaq üçün İsmayıl xanın köhnə aşpazını – məşhur Möhlət arvadı gətirdilər, Hacının qardaşı oğlu ovçu İsrafilin dalınca getdi ki, beş-on dənə turac əl-ayaq eləsin, ev qulluqçuları su daşımaqdan yoruldular, lakin hər küyüm su bu dəm-dəsgah yanında bır damcı məqamında idi, həyətdə daşlar düzüldü, böyük ocaq qalandı, qazan asıldı, aşpazlar çirməndi, kəfgirlər, çömçələr işə düşdü.

Bir saatın içində Hacının evi xeyrat yerinə döndü. Erkək ətini çardaqdan asdılar, şaqqaladılar. Turacdan bir xəbər çıxmamış, haradansa dörd hinduşka ütülüb hazır edildi. Zəfəran iyi soğança, qovurma iyi bir-birinə qarışmışdı. Hər yoldan ötən Hacının darvazasında dayanıb köksünü ötürürdü:

«İlahi, bu nə Süleyman dəsgahıdır!»

Hacı hərdən əlində qəlyan çıxıb eyvandan baxırdı. Qurduğu dəsgahın, cah-cəlalın camaata necə təsir bağışladığını görüb qarnını irəli verir, ucadan öskürürdü.

Mərdana və onun tərəfdarlarına göstərmək istəyirdi ki, «Görün Hacı nə hacıdır! Görün Hacının necə adamları var, bir işarə versə, əlli sizin kimisini mal damına qatar!»

O biri tərəfdən də Hacı şəhər qonaqlarına öz qüdrətini bildirmək istəyirdi:

«Görün, – deyirdi, – şəhərdə əyləşən ağalar, görün və arxayın olun kı, kənddə də şəhər dəsgahı ilə ömür sürənlər var. Hərçəndi məni parlamana vəkil salmadınız, eybi yoxdur, sabah parlamanın özü bərkə düşəndə beş şahı pul üçün yenə mənim, bəli, mənim qapıma gələcək. Eybi yoxdur, örkən nə qədər uzun olsa, hərlənib doğanaqdan keçər, bala!.. Heç eybi yoxdur?»

Hacı xəyalında saxlamışdı ki, evinə gələn pristavdır. Nahiyənin ağasıdır. Hər iş ondan aşır, bir sözü iki deyil. Divan adamları özlərində yox, özgədə çox yemək-içmək, səxavət sevən olurlar.

«Mən bu gün beş-altı yüz manat xərc eləməklə kasıb düşmərəm. Amma sabah yerində, Bakıda stol paylananda bu kişi bircə kəlmə dodaqucu desə ki, «Bəli, Hacı İbrahimxəlil də var!», mənə bəsdir. Beş yüz əvəzinə beş min gələr. Mən özüm məsələmə arifəm. Xərcləməyin təhərini bilirəm. Bilirəm hara maya qoyuram və niyə qoyuram! Bu xərc mənə nuşdur. Əvəzi birə-beş çıxar.

Bu fikir Hacını daha da ruhlandırdı. O, qonaqların sağına-soluna keçıb öz ayaq adamlarına təpinirdi:

– Tez olun, süfrə açın, gətirin, götürün, əl suyu verin!

«Əl suyu» deyənı kimi Hacının nökəri Mehdı əlində uzunboğaz gümüş aftafa, ləyən, qolunda xoruzlu dəsmal ədəb-ərkan ilə içəri girdi. Ortada salınmış kənarəli Girman xalısının üstü ilə yavaş-yavaş yeridi. Düz pristavın qabağında bır dizini bükdü, ləyəni irəli itələyib «Ya Allah!» dedi. İlıq suyu pristavın ağ, tüklü, kök əlinə tökməyə başladı.

Əl suyu qurtarhaqurtarda məclis boyu naxışlı şal süfrə açıldı. Beş nəfər cəldayaqlı adam, yalan olmasın, azı yarım saat süfrəyə şey daşıdı. Süfrə dolduqca qonaqların iştahı və habelə təəccübü artırdı.

Onları heyrətə salan hər şeydən çox Hacının nahar qabqaşığı-servizləri idi. Qablar böyüklü-kiçikli bir fabrikin məhz belə bir süfrə üçün hazırladığı xüsusi möhürlü dəst idi. Qaşıqlar, çəngəl-bıçaq hamısı qızıl suyuna çəkilmiş gümüşdən idi. Hamısının sapında, əyar yerində balaca bir möhür var idi. Bu möhür Hacının kufi xətt ilə çox məharətlə yazılmış imzası idi.

Hacı İbrahimxəlil şöhrətpərəst bir adam idi. İstərdi ki, həmişə, hər yerdə hamı onun dəsgahından dəm vursun, var-dövlətindən, səliqəsindən, səxavətindən, süfrəsindən desin. İşini elə qurmuşdu ki, evlər dolusu qonağı olaydı, xəyala gələn hər cür xörək bişiriləydi, özgədən gətirilmək üçün bir çöpə də ehtiyac olmazdı. Hər şey dəst-dəst, artıq-artıq. Elə ondan hesabını apar ki, Hacının irili-xırdalı on bir samovarı var idi: ev samovarı, qonaq samovarı, məclis samovarı, ehsan samovarı… Hamısı da cüt-cüt, bir ağ, bir sarı, bir ağ, bir sarı!

Yalnız qarpızı samovar-ev samovarı tay idi. Onu da Qarınca xanım tay eləmişdi: çünki ona cüt şey düşmürdü. Əlacı olsa gözünün də birini çıxarardı, tay gözü ilə keçinərdi.

Bu Süleyman dəsgahı ilə belə, pristavın üzü gülmürdü, bulud kimi qara qaşqabağı açılmırdı. O, yuxarı başda yastığa söykənmiş, uzun-boğaz çəkməli iri «vəl» ayaqlarını süfrədən kənara uzatmış, bir əlini sinəsinə qoymuş, damağında papiros dərin fıkrə getmişdi. Sanki evin səqfinə qalxan papiros tüstüsü pristavın başından qalxan dumanlar idi. Bu duman içində o çox şey axtarırdı, ancaq bir şey tutmaq çətin idi.

Hacı düşünürdü: «Görəsən, bu niyə belə eləyir, zalım oğlu deyə-sən, hop tutub».

Pristav bərk fikrə getmişdi və fikrə getməyə də haqqı var idi.

Hacı ayrı vaxtda belə təntənəli qonaqlıq düzəltsəydi, belə ağayana süfrə açsaydı, ehtimal, pristav ya qardaşdan artıq istədiyi kəhər atını Hacıya bağışlar, ya da Hacını heç olmasa bir neçə kəndə yüzbaşı qoyub qayıdardı.

Amma indi?

İndi heç başa düşmək olmur!

İndi Hacının bu gətir-götürü pristava qarışqa yerişi, evi də qarışqa yuvası kimi kiçik və vecsiz gəlirdi. O elə pərt idi ki, bütün aləm gözünə qaranlıq zirzəmi görünürdü. Bunun da səbəbi var idi.

Əslinə baxsan, pristav və onun dəstəsi şəhərdən çıxanda heç vaxt Güney kəndi deyib çıxmamışdılar və çıxa da bilməzdilər; çünki belə bir iş üçün nahiyə var idi. Bu kənd bəlkə də heç onların yadında deyildi; çünki yetmiş bir para kəndi olan mahalda Güney kimi balaca bir yerə Ağa bəy kimi böyük bir adam nə məna verə bilərdi ki, onu yada da salsın.

Pristav vacib bir əmr üçün şəhərdən çıxmışdı, o da bundan ibarət idi:

Ötən ayın axırlarında Gəncə alayının ikinci bölüyündən yeddi əsgər qaçmışdı. Həmin adamların barəsində təcili tədbir görmək üçün nahiyə-inzibat idarəsinə məxfi tapşırıq verilmişdi. Nahiyə rəisi Xəlil həmin işə görəmi, başqa bir məqsəd üçünmü, hələ bəlli deyildi, Kürün qırağına gedəndə axşam vaxtı, Ağalıq kəhrizinin başında Güney kəndinin beş verstliyində öldürülmüşdü. Rəisin başını kəsmişdilər. Tüfəng-tapançasını aparmışdılar. Atına dəyməmişdilər. Bu xəbərdən təşvişə düşən Gəncə qubernatoru, köməkçisini (müvəqqəti nahiyə pristavı vəzifəsini aparan) həmin bu Vəznəli kişini doqquz nəfər atlı ilə dəmir yolun altındakı kəndlərə «təhqiqata» göndərmişdi. Vəznəli kişi rəisin qatilini – «hökumət, din və millət xainini» ələ keçirməyincə, «fərari»ləri tapmayınca, «kökünü kəsməyincə» geri qayıtmayacaqdı. Vəznəli kişi qubernatora baş əyib mahmızlı adamları ilə pilləkənlərdən düşəndə güman edirdi ki, uzağı üç günə qatili tapıb gətirəcəkdir. Əl-qolu bağlı, atın yedəyinə qatıb gətirəcək, qubernatorun hüzuri-alilərindən ənam alacaq, daha bir mərtəbə artacaqdı.

Deyərlər: «Sən saydığını say, gör fələk nə sayır».

Qoca fələk ayrı hesab çəkirdi.

İşlər da lap ayrı cürə gedirdi.

Cəza dəstəsi kəndlərə düşüb bu iş üstündə xeyli adam tutdu, şahid danışdırdı, sübut axtardı, camaata qara-qorxu gəldi. «Gördüm, bildim» deyən olmadı. Sanki bu əhvalat heç Gəncə mahalında olmamışdı. «Fərari»lərin biri də ələ keçmədi. Onların qohumları, ataları, qardaşları həbsə alındılar, döyüldülərsə də işi müəyyən etmək üçün zərrə qədər əlamət görünmədi. Əksinə, Vəznəlinin dəstəsini iki dəfə kənd-kövşən arasında gülləyə tutdular. Yasavullardan üçü qaçdı, biri öldü, Pristavın da atına güllə dəydi. İş o yerə gəlmişdi ki, pristav nəinki gecə vaxtı, hətta hava qaralanda yola çıxmağa qorxurdu. Ona elə gəlirdi ki, «fərari»lər axşam qaranlıqlaşan kimi kəndə doluşur, məmur axtarırlar. Hətta hökumət adamlarını vurmağa fürsət arayırdılar. Sonralar Vəznəli işin bir ucunu nəsihətə çevirdi. «Siz o adamların adını deyin, onları üzə çıxardın, hökumət qabağında onları qurtarmaq, təmizə çıxarmaq, bağışlamaq, günahından keçmək mənim borcum. Mən vəzifəmə və onun şərəfinə and içirəm, ey müsəlman qardaşlar!..»

Camaat da dediyində dururdu. «Canım, əsgərliyə gedəndən bəri onlar bu səmtə üz çevirməyiblər, qaçdıqlarını da sizdən eşidirik. Bunu bilsək özümüz axtarardıq, nə bilək, nədən bilək? Gecə-gündüz işdə-gücdəyik, elə işlərdən nə xəbərimiz? Biz kasıbçılıqla məşğuluq…»

Vəznəli kişi vəziyyəti telefonla qubernatora deyəndə, o, astadan öskürmüş, cavab vermişdi:

– Deyəsən, kəndlərdə çox üzüyumşaqlıq eləyirsən. Tərəkəmənin gönünü soymasan, söz ala bilməzsən. Nəşət əfəndini köməyinə göndərirəm. Tezliklə xainləri səndən istəyirəm!

Qubernator səsini ucaldaraq hirslə deyirdi:

– Sən… Səndən istəyirəm! Eşitdinmi?!

Vəznəli kişi «Bəçeşm!» deyib telefonun dəstəyini asandan sonra yenə itə dönmüşdü. Quduz kimi dil-dodağın çeynəmiş, kəndlilərin canına daraşmışdı, həmin günün axşamı Nəşət əfəndi iki atlı ilə gəlib çıxdı. Vəznəli kişi ilə plan tökdülər.

Onlar cinayətin baş verdiyi yerdən – Ağalıq kəhrizindən on dörd verst sağa, on dörd verst sola, on dörd verst yuxarı, on dörd verst aşağı bütün kəndlilərin siyahısını (adamların adı, atasının adı, peşəsi, kəndi, yaşı, «etiqadı haqqında qeydlə») hazırladılar. Bir ucdan tutub hər kəndi Nəşət əfəndinin əmri, üsulu ilə «zopadan keçirməyə» başladılar. Çalan kimi yüzbaşını, axundu, mötəbər kişiləri (hampa-ları) çağırıb məşvərət qururdular: «Babı, dələduz, quldur, namərbut, şübhəli» adamları cəld bir-bir tutdurub tövlələrə yığırdılar. Camaatı məscid həyətinə çağırır, tutulan adamları əvvəl ayaqların, sonra kürəklərini «zopalayırdılar». Vurduqca pristav təkrar edirdi:

– Xəlili öldürəni de, canın qurtarsın! Adını de, qalx ayağa!

Bu dəhşətli tədbirdən kəndlərdə həyəcan artdı. Evlərdən ağlaşma qopdu, silah götürüb qaçanlar oldu. Şəhərə qubernatorun hüzuri-alilərinə şikayətə gedənlər oldu. Ağac altında bir qoca kişi can verdi. Neçə adam yorğan-döşəyə düşdü.

Pristav ilə Nəşət əfəndi öz əzmində, işində idi.

– Həpsi gəbərsə də zopadan keçməlidirlər!

Hər axşam yaş zoğal, nar ağaclarından çubuq hazırladırdılar. Siyahıda böyrünə işarə qoyulmayan adamların səhər tezdən məscid həyətində hazır edilməsi üçün axşamdan tapşırıq verilirdi.

Üç kənd «zopalanmışdı». Məmurlara güllə atanlar, meşəyə qaçan, kötək altında can verənlər var idi. Amma Xəlilin qatilindən bir xəbər verən yox idi ki, yox idi.

Kəndlilər döyüldükcə ölənə də, bilib deməyənə də söyürdülər. Hətta biri hirsindən Nəşət əfəndinin məzhəbınə söydü.

Nəşət əfəndi bunu gözləməzdi. Qulaqlarına inanmadı, quruyub qaldı. Kəndlinin yaxasından tutub sanki dərin bir təəccüblə soruşdu:

– Yahu, mən islam deyilmiyəm, məzhəbimə neçin söydün?

Kəndli başını qurtarmağa çalışdı:

– Həpəndim, qızdırmalı adamam, sayıqlayıram, bənd olma!

Hacı İbrahimxəlil ilə dalaşan axşam Mərdanı evdə tapmayanda şübhələndilər. Hacı daha da acıqlandı. O, babını, bolşeviki əldən çıxardığı üçün Yassarın üstünə bərk qışqırdı:

– «Köpəyin keyliyindən, – dedi, – dovşan tövlədə balalar». Sən sən olsan, Mərdan kimi lütlər çəkilıb yerində oturar. Muzdurlar yumurta yükü aparar. Rüşvət yeməyi bilirsən, ancaq… çörəyini yediyin hampadan xəbər tutmağı yox!

Yassar Hacının tənəsindən çox narahat oldusa da əli bir yerə çatmadı. Mərdan aradan çıxmışdı. O günün səhərisi Yassar Baharı kövşəndən tutub nahiyə müstəntiqi məşədi Müseyib bəyin yanına gətirdi. Məşədi Müseyib bəy Baharın dediklərini «Təcili raport» şəklində yazıb Vəznəli kişinin cəza dəstəsinə çatdırdı.

«Ötən gecə Güneydə bolşeviklər gizlənibmiş, sizin vürudunuzu eşidıb naməlum bir istiqamətə fərar etmişlər. Necə ki məlumdur, kəndin ən bir nadürüst lütqomlarından olan biçinçi Mərdan, özü həm bolşevik, evində bolşevikləri (Sureni və sairlərini) saxlayırmış. Bu mahalda baş verən cinayət və bədəfkarlıqlarda məzkurların dəsti-narastı var deməkdə cüzi bır mübaliğə belə yapmadığıma səmimi-qəlbdən əmniyyət hasil edəcəksiniz. Zənn-acizanəsində bulunmağa bəndeyi-həqiri məzur buyurmanız təmənnayi-vacibanəsindəyəm, əfəndilərim!»

Məşədi Müseyib bəyin təcili və bir neçə surətdə yazılan raportuna əlavə olaraq Hacı da qubernatorun köməkçisinə – Vəznəli kişiyə bir şikayət məktubu yazdırıb göstərdi: «Yeni islam hökumətinin ən qəddar düşməni olan biçinçi Mərdanın Xəlil bəyin ölümündə əli vardır. Bəlkə də bu onun işidir. Bu məsələ yəqinəl-yəqindir. Mərdanın qaçaq düşməyi buna vazeh sübüt ola gərək. Onun kimi asayiş pozan, din və dövlət düşməni, bolşevik, laməzhəb, ayağı çarıqlıların cəzasını verməyi islam hökumətindən bütün Güney camaatı cəmnən xahiş edir. Hampalar bir ağızdan təvəqqe edirlər ki, bu kənddə ya biz, ya Mərdan».

Pristav qəzəb və həyəcan içində bunları Nəşət əfəndiyə oxuyub yarımistehza ilə dedi:

– Əvət, birər-birər bankımız çıxıyor!

Nəşət əfəndi toqqasını götürüb ayağa qalxdı:

– Haydı, bakalım, arkadaşlar, təxir cinayətdir! Güney köyünə doğru, irəli!

Beləliklə, Vəznəli kişinin dəstəsi Xəlilin və fərarilərin işini açmaq ümidilə hər yerdən qabaq növbədənkənar Güneyə tökülüşdü…

Vəznəli kəndə çatar-çatmaz xəbər aldı: «Mərdan kənddə görünübmü?» «Qaçıb aradan çıxmışdır» cavabın eşidəndə qol-qanadı sınıb yanına düşdü.

İllah da ona görə məyus idi ki, qubernator qatilin dünənə qədər kənddə gəzdiyini, bizim kütlüyümüzdən istifadə ilə aradan çıxdığını eşitsə, əlbəttə, mərhəba deməyəcək. Qubernator mahmızlı təpiyini yerə döyüb deyəcək: «Qatil Güneydə cinayətini açmaq istəyən Hacını döyürmüş, siz də başqa kəndlərdə toyuq-plov yeyib qumara qızışırmışsınız!»

Vəznəli kişi fikir-xəyalatdan bulud kimi tutulmuşdu, Əziz qonaqlarından fərəhlənən Hacı isə qırğı kimi qıvraq, uşaq kimi xoşhal idi. O, indiyə qədər özündə bu gücü bilməzdi. Heç vaxt inanmazdı ki, balaca bir işarə verib «kəndi atlı ilə, zabit ilə, rəis ilə, osmanlı ilə, yasavul ilə» doldura bilər; bütün düşmənlərinin canına lərzə salar. İnanmazdı ki, onun ərizəsi bu tezliklə göyərib belə şirin bar verə bilər.

Kəhriz iddiası üstündə aylarla idarələri gəzən keçən ilki ərizəni yadına salanda, bu ərizənin də uzun səyahət keçirəcəyini güman etmişdi. Amma elə olmadı. Sanki Vəznəli kişi öz atları ilə dəyirman başında – yol üstündə dayanıb Hacının ərizəsini gözləyirmiş.

Hacı, Rəhim xan atlısı kimi, dəstə ilə çapovulçu dörd qatar oğlanları öz həyətində, öz qapısında, öz eyvanında, öz otağında, öz qara haşiyəli, yaşıl süfrəsinin başında görəndə, guphagup döşəməyə dəyən tüfəng küplərinin səsini eşidəndə, gələnlərlə əl verib görüşəndə, heç üzünü görmədiyi adamlarla çoxdanın əziz dostu kimi xoş-beş edəndə özünü mahalın padşahı saydı. Başındakı qəhvəyi papağı tac zənn edib günorta yerinə itələdi, sinəsini gərdi, nəfəs dolusu öskürdü, qəlyana bərk qullab vurdu.

Güney camaatını «divanxana» qabağına yığmışdılar. Yüzbaşının tikan ilə çəpərlənmiş böyük, peyinli həyətində iynə salmağa yer yox idi. Dam, divar adam gətirmişdi. Kənardan tamaşa üçün dayanan arvad-uşağın üzündə qorxu və intizar vardısa, kəndlilərin yorğun, acıqlı simasından nifrət və narazılıq tökülürdü. Onlar gözlərini yüzbaşının «məşvərət» otağına dikib müntəzir dayanmışdılar.

Şirin biçin-yığım vaxtı, əkinçinin başını qaşımağa macalı olmayan bir zamanda, belə xoş günəşli bir gündə camaatı işdən qoymaq özü ağır cəza deyilmi? Kiminin fikri su yanındadır, kimi arpa biçininə hazırlaşır, oraqları itiləməyə verəcək, kiminin bostan işi var. Kimi dağda otlaq davası etməyə gedəsidir. Adamlar darıxdıqlarından nə oturur, nə dura bilir, nə söhbətə davam gətirir, nə də qışqırıb yüzbaşını çağırmağa cəsarət edirdi. Həyət boyu gəzinir. hirslə qəlyan tüstülədir, dodaqaltı mızıldanır, bəzən də bir-birilə acıqlı danışırdılar. Yassarın pəncərəsinə işarə edib ehmallı söyürdülər:

– Donuz oğlu, bizi bu il də çörəkdən qoyacaq!

– Bunlar durduqca bizə gün yoxdur, bilmirəm nə sayaq eləyək?!

– Hər qayadan qopan daş kəndlinin başına dəyir.

Ömründə hökumət işilə maraqlanmayan, səhərini tarlada açıb axşamını tayada qaraldan elə kəndli var idi ki, köçüb başqa bir yerə-lap dağların arasına, divan dırnaq salmayan, yasavul ayağı dəyməyən yerə getməyi düşünürdü. «Təki, – deyirdi, – bu bəduğurların üzünü görməyim…»

Bəziləri özgə mahallardan xəbər tuturdu: «Orada bundan betər. Hər yerin öz Yassarı var. Kəndliyə, rəncbərə gün yoxdur». Kim idisə şəhərin adını çəkdi:

«Adamın arvad-uşağı olmaya, baş götürüb şəhərə, Bakıya gedəsən…»

– Bakıda zülm yoxdur?

– Var, amma belə yox!

– Orada da bəy-xan ağalığıdır, təfavütü nədir?

– Təfavütü odur ki, orada fəhlənin əlbirliyi var, orada rus fəhləsinin bacarığı, təcrübəsi var, Orada bəylər tüğyan eləməkdən qorxurlar.

– Qorxan canavarın dişi iti olur.

– Orada çəkiclə vurub iti dişi sındırırlar…

Yüzbaşı isə bu söhbətlərdən uzaq, arxayın öz işində idi. İçəridə Vəznəli kişinin rəhbərliyi ilə uzun sürən bir müşavirə davam edirdi. Kəndin «mötəbərləri» zopadan keçməli adamların siyahısına baxırdılar. «Vətən və şəriət xainləri»nin «dərdəst edilməsi» üçün yeni plan düzəldir, tədbir tökürdülər.

Məşvərət otağına heç kəsin yolu yox idi. Oraya qəhvə, kakao daşıyan nökərlərdən hərdən adı ilə çağırılan yasavullardan başqa kimsə daxil olmağa cəsarət etmirdi. Hamı dayanıb gözləyirdi.

Gün xeyli qalxmışdı. Hava qızırdı, kölgələr gödəlirdi, həyətdən bərk bürkü vururdu, elə bil ki, təndir yanırdı. Hər kəs özünü divar dibinə verirdi. Bir də gördülər Yassar Lətif, məmurlar və əlində qamçı oynadan Nəşət əfəndi eyvana çıxdı. Camaat hərəkətə gəldi. Oturanlar ayağa qalxdılar, uzaqdakılar yaxına gəldilər. Hamı bir yerə cəmləşdi. Sıx dayandılar. Balkon tərəfə baxarkən məşvərət otağının həyətə tərəf pəncərəsi açıldı. Vəznəli kişi daz başını eşiyə uzatdı. Dinməz-söyləməz dayanıb camaata baxdı. Camaat o tərəfə yönəldi.

Vəznəli kişi baxırdı, sanki bu baxışı ilə sükut və diqqət əmri verirdi. Lakin belə bir əmrə ehtiyac yox idi. Onsuz da hamı intizardan yorulan gözlərini pəncərəyə dikmişdi, saatlarla sürən məşvərətin nəticəsini eşitmək istəyirdi.

Vəznəli kişi tüklü əllərilə pəncərənin çərçivəsinə söykənmişdi. Qurşaqdan yuxarı bədənini eşiyə uzatmışdı. Sanki həyətin künclərini yoxlamaq istəyirdi, Bu halda o, qəzəb kürsüsündə dayanıb müqəssirlərə baxan xanlıqlar vaxtının hakimlərinə oxşayırdı. Ancaq qırmızı çuxası əskik idi. Nə Vəznəli çuxasını, nə də diaqonal kostyumunu geyinmişdi. Əynindəki qara jiletinin döşündən qızıl saat zənciri, balaca bir medalyon sallanırdı. Ağ nişastalı yaxalığı sanki onun çənəsini dik saxlamaq üçün bir dayaq idi. O bir müddət sakitcə dayandı. Elə bil doyunca baxmaq, siması ilə yaxşı tanış olmaq, onun qəzəblə çağlayan ürəyindəkiləri bulanıq gözlərindən oxumaq üçün camaata vaxt verirdi.

Vəznəli danışmağa başladı. Danışırdı, lakin səsi eşidilmirdi. Qonşu kəndlərin birində «odlu» nitqdən sonra səsi tutulmuşdu. Adamlar pəncərəyə daha yaxın dayanmağa çalışırdılar. Kənardakılar heç nə eşitmirdilər, ancaq tez-tez çiyinlərini atmasından, əl-qolunu oynatmasından, sağa-sola çevrilməsindən, ağzının açılıb-yumulmasından bilirdilər ki, danışır. Nə isə acıqlı danışır, söyür, hədələyir. Ağzı açılıb-yumulunca Vəznəli kişi kəndlilərə, qıj axan böyük bir çayın o tayında dayanıb bu taydakı adamlara hürən iti xatırladırdı.

Onun nitqi anlaşılmasa, hətta heç eşidilməsə də hökumət bir şey itirmirdi. İş axsamırdı; çünki müəyyən tədbirlər görmək üçün lazımi adamlara lazımi tapşırıq verilmişdi. Vəznəli kişi məhz bu tədbirlərdən danışırdı. Halbuki Nəşət əfəndi bu tədbirləri elə bu saat camaatın gözünün qabağında icra etmək arzusu ilə yanırdı. Vəznəli kişinin ağzı yumulan kimi Nəşət əfəndi əlində uzun bir siyahı kürsünün üstünə qalxdı:

– İsmilərinı oxuyacağım şəxslər şu yerə, tövlə tərəfə toplaşsınlar!

Bir şey anlaşılmadı. Yüzbaşı kənara çəkildi, ağzını yuxarı tutub dedi:

– Camaat, Nəşət əfəndi siyahını oxuyacaq, kimin adı çıxsa, bu yana, mənim yanıma keçsin…

Kim idisə cəsarət edib soruşdu:

– Bunda nə iş var bəyəm?

Yüzbaşı dedi:

– Mən tərəfə keçənlərə heç nə olmaz, inşallah!

Nəşət əfəndi oxudu:

– Meydanəli Qənbər oğlu!

Meydanəli bir uzun oğlan idi, öz adını eşidəndə qızardı. Yasavulun üzünə baxdı:

– Bu məni deyir?

Yüzbaşı qışqırdı:

– Meydanəli Qənbər oğlu, niyə cavab vermirsən?

Meydanəli dedi:

– Bir cavabı yoxdur, Meydanəli mənəm də!

Yüzbaşı əli ilə işarə elədi:

– Keç mən tərəfə!

Meydanəli başını tovladı, üzünü Nəşət əfəndiyə tutub dedi:

– Məndən yüzbaşı tərəfə keçən olmaz. Mən Yassar Lətifə tərəf durmamışam, durmaram da!

Adamlar yüzbaşıya göz yetirdilər. Vəznəli kişi kəndlinin üzünə dik-dik baxdı. Lətif qıpqırmızı qızardı.

Nəşət əfəndi Meydanəlini başından eləməyə çalışdı.

– Pəki, – dedi, – tövlə tərəfdə dayan!

Siyahı oxundu:

– Əkbər Abış oğlu!

– Gəlməyib, şəhərdə naxoşu var!

– Məşədi Haşım Kəblə, Qədim oğlu!

Səs gəldi:

– O, dəyirmana dən aparıb dünəndən!

– Məşədi Murtuz Qismət oğlu!

– Məmmədəlı Mustafa oğlu!

Bu adamlardan da səs çıxmadı. Ancaq yüzbaşı özü dedi:

– Bilirik onlar niyə gəlməyib, yaxşı qoy nə bilirlər eləsinlər!.. Həlbət…

Yassar sözünü bitirməyə cəsarət etmədi.

– Qərib Naib oğlu!

– Tapdıq Sadıq oğlu!

Adlar oxunduqca kəndlilər bir-bir divar dibinə keçirdilər. Siyahı qurtarandan sonra adı çıxmayan adamları buraxdılar. Zopalama başlandı. Yasavullar bir-bir kəndliləri yıxıb qollarını bağlayır, bəzisinin ayaqlarına, bəzisinin kürəklərinə, gövdəsinə və bəzisinin qıçlarına vururdular. Mövlam kişini vuranda qışqırdı, əllərini göyə qaldırdı:

– Dayanın! Amandı, dayanın!

Nəşət əfəndinin boz sifəti açıldı, göy gözləri oynadı, üzündə ümid qığılcımı sezildi. O fikirləşdi ki, «nəhayət tapdıq, nəhayət bu qoca kişi kəndin xəlvət işlərini açıb tökəcək, bu saat Xəlilin silahını bu yaxın tayaların birindən çıxaracaq…»

– Toxtayınız!

Yasavullara macal vermədən Nəşət əfəndi cəld Mövlam kişinin qoluna girdi, ayağa qaldırdı:

– Söylə, bakayım, babacığım, söylə!

Mövlam kişi arıq, cansız al ağacı kimi qupquru bir adam idi. Gününü zəmidə, tarlada, ağır zəhmətdə keçirmişdi. Ömründə belə cəza, el içində kötəkləmə görməmişdi. Bugünkü vurhavur da ona oyuncaq kimi gəlirdi. Camaata qara-qorxu gəlmək üçün ancaq bir-iki nəfər «şübhəli adamın» döyüləcəyinə, qalanların buraxılacağına inanırdı. Pota, kök, güclü və gödək yasavul onun qolundan tutub bağlamaq istəyəndə kişi az qaldı özündən çıxsın. Bərk qışqırdı.

Nəşət əfəndi ona daha da yaxın durub mülayim dedi:

– Söylə, babacığım, qorxma, söylə!

Mövlam kişi Nəşət əfəndinin daş kimi hərəkətsiz, donuq və mərhəmətsiz üzünə baxdı, yasavulun əlindəki mal dəyənəyinə, özünün qəfəs kimi quru bədəninə baxdı və dedi:

– Əfəndim, o dəyənəkdən bircəsi mənə dəysə canım çıxar, axı mənim təqsirim nədir?

Nəşət əfəndi hirsləndi:

– Yahu, yalvarmaq vaxtımı?

İşarə etdi. Yasavullar Mövlam kişini qırxılası qoyun kimi götürüb arxası üstə yıxdılar. Mövlam kişi qışqırtı ilə nə dedisə eşidilmədi. Onun səsinə damlardan, pəncərələrdən baxan və əlində dəsmal, ağlayan arvad-uşaq səs verirdı:

– Vuran əlin qurusun!

– Qızıl gülləyə gələsiniz!

– Ay İbniziyad uşağı, ay Şümürdən beşbetər!

– Çırağın sönsün!

Qadınların nalə-nifrin səsləri eşidilməsin, hiss edilməsin deyə, Nəşət əfəndi yasavullara təkrar-təkrar əmr verirdi:

– Vur, vur! Vurun pəzəvəng oğlunu! Vurun!

Qəfildən həyətə guruppultu ilə, göydən düşən kimi, bir şey düşdü. Bu Mövlam kişinin on doqquz yaşlı oğlu Yaqub idi. Hansı damdan, ya divardansa atılıb atasını döyən yasavullara əl qatdı. Ovcunda sıxdığı daşla birinin gicgahını deşdi. Atasını aradan çıxarmaq üçün çiyninə alanda Nəşət əfəndi yeridi, qadınlar aralığa girdi. Camaat aralığa çaxnaşma salıb bir-birinə dəydi. Vəznəli qışqırdı, yasavullar silah çəkmək istədilər. Amma Yaqub və atası çoxdan aradan çıxmışdı. Qalan kəndlilər də fürsət tapıb qaçmışdılar. Yasavulun biri darvazaya silahı ilə çəpər çəkmək istəyirdi. Kim idisə badalaq vurub onu yıxdı. Havaya neçə güllə atdılar, dayanan olmadı. Vəznəli kişi kənara çıxmaqdan ehtiyat edib pəncərə dalından söyür, yasavulları hədələyirdi. Yasavullar yaralını otağa gətirdilər. Onun ufultu və zarıltısı həyəti başına almışdı.

Güney kəndinə tutulan divandan da bir nəticə cıxmamışdı! Əksinə, kəndlilər hamısı «İntiqam!» deyə ayağa qalxmışdı. Yaqub atasını evdə rahatlayıb getmişdi və Yassara sifariş göndərmişdi: «Eşidəm ki, bir də bizlərə yaxın düşmək istəyirsiniz, böyükdən kiçiyə kimi başınızı xoruz başı kimi kəsəcəyəm!..»

Vəznəli kişinin dəstəsi şama qədər çəkən müşavirədə çox tədbir tökdü, çox təklif müzakirə etdi, çox danışıq apardı. Hacı da irəli oturub öz məsləhətini verdi:

– Bəlkəm, a bəy, Qurana əl basdıraq. Heç kəsdən əl çəkməyək, qoy and içsinlər ki, xəbərimiz yoxdur. Bu xəbislər bir yana dursun, kənd xali deyil, mömin kişilər deyər…

Əyləşənlər bu sözə gülüşdülər. Vəznəli dedi:

– Görünür, ay Hacı, Məkkə yolunu tanısan da rəiyyəti yaxşı tanımamısan, xamsan hələ. Bu haman kəndlidir ki, Allahyar bəyin evini dağıdanda Quranı beşaçılan gülləsi ilə deşik-deşik etdi. Nə Quran, nə kitab? Məgər onlarda islam qanı var? Onlar bir ovuc torpağı türbətdən üstün sayır. Bunu yəqin bil!

Məşədi Müseyibin vəkil məntiqi ilə dediyi sözlər hamıya təsir etdi.

O deyirdi:

– Doğrudur, mən bir kənar adamam, borcum təhqiqatdır, sizə mühəvvəl olunan məsul vəzifəyə qarışmağa haqqım yoxdur, buraya da təsadüfən gəlib çıxmışam, ancaq mənim milli türk vicdanım məcbur edir bəzi sözləri deyəm. Sizin burada gördüyünüz tədbirlər tərəkəmə üçün nə qədər ağır olsa da, şəxsən məni qətiyyən təmin etmir və yəqin bilirəm əgər cənab qubernator Xudadad bəy bilsə, onu da təmin etməyəcək…

Vəznəli kişi yuxarı başda yastığa dirsəklənib Nəşət əfəndi ilə kart oynayırdı. Onların qabağında çəngə ilə müsavat yüzlüyü, əlliliyi var idi. Onlar elə qızışmışdılar ki, deyilənlərı eşitmirdilər. Eşitdiklərinə da əhəmiyyət vermirdilər. Lakin Məşədi Müseyibin sözünə Vəznəli kişi əhəmiyyət verməyə bilməzdi. Birinci ona görə ki, Məşədi Müseyib açıqdan-açığa onun apardığı işləri bəyənmirdi, yəqin buna bir əsası da vardı. Başqa bir cəhət də – Məşədi Müseyibin qubernatorun adından danışması idi, Demək olmaz, rütbəsinə nə baxırsan, kim bilır bəlkə o, Xudadad bəyə Vəznəli kişidən də yaxın ola bilər. Müsavat hökuməti arxasını yalnız paşalara, hərbiyyəlilərə, qoşun böyüklərinə söykəyib. Nə bilirsən, həmin bu adam dediklərini «şəxsən» Xudadad bəyin özünə yazmamışdır. Nə bilirsən ki, bu qubernatorun gizli müşaviri deyil, nə bilirsən ki… Adamdan nə baş açmaq olar?

Bütün bunlara baxmayaraq Vəznəli, Məşədi Müseyibin sözünü axıra qədər eşitmədi. Hirsindən özünü saxlaya bilmədi:

– Nə üçün sizi təmin etmir?

Məşədi Müseyib dedi:

– Ona görə ki, siz ağacın kökünü qoyub qol-budağını qırırsınız, odu qoyub kül ilə oynayırsınız. Əsas mətləbdən yox, fəri, cüzi şeylərdən yapışırsınız. Otuz adam zopalamısınız, on beş quruşluq söz öyrənə bilməmisiniz! Və hal o ki, əsl cani dul arvadın oğlu Mərdandır ki, qaçıb, aradan çıxıb. Bilaşübhə Mərdandır. Mərdandan başlamaq, zənnimcə, Mərdanla da bitirmək lazım gələcək…

Vəznəli kişi başını tovladı:

– Eşitmişdim kı, hüquq işçiləri müşkülpəsənd olarlar, görməmişdim. Doğrudan da, belə imiş! Siz, doğrudan da, nöqtə mollası imişsiniz!

Vəznəli kişi sözünü kəsib ətrafına baxdı, qalxıb əllərini şalvar ciblərinə qoyub eyvana çıxdı. Özündən razı halda, bir az gəzişib qayıtdı. Onun bu hərəkətindən hamı bildi ki, Hacıdan danışacaqdır, ehtiyat edir. Vəznəli yavaş səslə, lakin arxayın danışdı:

– …Mardan Hacını döyüb, bunun dövlət işinə nə dəxli? Biz bunun üçün gəlməmişik. Biz cümhuriyyət ordusunun alay komandanlığı qərargahının təcili sərəncamı üçün gəlmişik. Biz Xəlilin qatilini tapmalıyıq, göyün yeddi qatında, yerin təkində də olsa tapmalıyıq, fərarilərə, canilərə şiddətli cəza verməliyik. Bu kənddə fərarilərdən bir xal göstərən oldumu, varsa buyurun deyin!

Məşədi Müseyib onun sözünü ağzında qoydu:

– Əfəndim, – dedi, – Mərdan Hacını boş yerə döyməyib, onlar bəhanədir. Öz qulağımla eşitdim. Budur, yüzbaşı da vardı. Uşağı danışdıranda nə dedi, a kişi? Uşaq yalan danışmaz, özünüz eşitdiniz nə dedi.

Məşədi Müseyib üzünü Yassara tutdu, Yassar duruxdu. Uşağın sözlərini yadından çıxardığı üçün duruxdu. Mübahisə edən rütbəlilərin hansına tərəf danışmaq lazım olduğunu müəyyən etmək, hansının qalib gələcəyini indidən seçmək istədiyi üçün duruxdu. Məşədi Müseyib onu qısnadı:

– Yanında dindirdik ki, İlyas bəy soruşanda nə dedi?

– Burası doğrudur, bəy, uşaq dedi.

– Nə dedi?

– Dedi Suren dayı bizə gəlmişdi.

– Kimdir Suren dayı?

Məşədi Müseyib üzünü Vəznəliyə çevirib xitab şəklində soruşdu və özü cavab verdi:

– Kimdir Suren dayı? Suren dayı bizim qəhrəman əsgərlərimizin qılıncından qurtulmuş dağ ermənisi! Kim bilsin, havaxsa bolşevikliyə qoşulan bir dığa! Onu bilirsiniz ki, bu saat düşmənlərimiz əl altından işləyirlər?! Yaqub özbaşına atılıb sənin dustağını qaçırmır. Ona bu cəsarəti verən var. Bu zəmanədə Suren dayı müsəlman kəndinə qonaq gəlməz! Onun məramı var, mətləbi var. Onu göndərən var. O, vacib işə gəlib. Yəqin belədir!.. Vəznəli kişi dedi:

– Uduzmuşuq ey, uduzmuşuq! Qaçıb aradan çıxana nə edə bilərik?

– Nə edə bilərik? Çox şey edə bilərik. Mərdanın da, Suren «dayının» da yerini, anası – «Sona arvad» deyirsiniz, nə deyirsiniz, bilməmiş deyil. Günü sabah əmr ver, Mərdanın evinə od qoysunlar.

Anasını da, balaca qardaşını da bas it damına, o ki lazımdır kötəklə, ölümlə hədələ, üstünə tapança çək! Arvad qorxaq olar, Mərdanın yerini açib deməsə ikicə olsun!

Yassar mızıldandı:

– Od qoymaq… Şəriət bu işə necə baxar?

– Şəriət özü buyurur: mürtədin, yoldan çıxanın qətl-qarət edilməsi vacibdir. «Suren dayı»larla həmsöhbət, həmməslək olanın yuvasını dağıtmaq savabdır.

Bu izahdan sonra kimsə dinmədi.

Aralıqda dərinləşən sükut sanki Məşədi Müseyibin ağır və dəhşətli təklifinə qara bir möhür basırdı. Vəznəli kişi başını qaldırıb dedi:

– Yaxşı, sabah Məşədi əfəndinin məsləhətini icra edək. Bu oyundan da çıxarıq, təki siz deyən olsun. Canilər ələ keçsin. Mən bunun üçün bir ev deyil, bir kənd yandırmağa hazıram. Xəlilin qatilini tapmasam, nə mərhumun ruhunun xəcalətindən çıxa bilərəm, nədə başımı qaldırıb Xudadad bəy həzrətlərinin üzünə baxa bilərəm. Bir aydır mənə yuxu haram olub. Gecə-gündüz buynuzum yerdədir, bu əmri düşünürəm.

Vəznəli üzünü İlyas bəyə, Yassara tutub dedi:

– Xaç ikilik kimi igidsiniz, bunu sizə həvalə edirəm. Səhər o porsuq yuvasına tüstü qoyun. Arvadı da mənim yanıma gətirərsiniz…

İlyas bəy bir məsləhət də gördü:

– Məşədi Müseyib də düz buyurur, sizin bu tədbiriniz də qəbuldur. Biz yerinə yetirməyə hazırıq. Amma izin verin mən də öz mülahizəmi deyim, Vəznəli kişi bir istədi desin: «Məsələ bitdi, artıq söz lazım deyil», sonra nə xəyal elədisə İlyas bəyi eşitməyi faydasız bilmədi:

– Buyur, gəl görək!

İlyas bəy ağır tərpənərdi, təmkinli və tədbirli danışardı. Mərdanı az-çox tanıyırdı da. Onun qardaşı Baharı dünən qapısından quzuçuluqdan qovmuşdu ki: «Get, sənə Suren dayın çörək versin». İlyas bəy əlindəki kəhrəba təsbehi oynatmaq istəyəndə Vəznəli onu əlindən aldı. Ayaq üstə gəzinə-gəzinə şiqqıldatdı və dedi:

– Sənsən, gəl!

İlyas bəy öz mülahizəsini söylədi:

– Mən bir şey düşünürəm, qorxuram ev yandırmaq, müsəlman arvad-uşağını dama salmaq birtəhər çıxa, bura qalsın, başqa kəndlərdə də yaxşı gəlməyə. Əlbət ki, mən yəqin bilsəm Sonaya qara-qorxu gəlməklə bir mətləb hasil olacaq, nə sözüm olar. Ölsün, tərk olsun! Arvad da, uşaq da bir damla şəhid qanına fada olsun. Təki iş açılsın. Düşmən yuvasını düzləmək lazımdır. Amma, mənim zənnimcə, biz camaatı özümüzdən daha da iyrəndirəcəyik. Sona arvad heç nə deməyəcək. Deməyəcək, çünki heç nə də bilmir, Mən onları yaxşı tanıyıram. Fağır kəndlinin biridir. Bəlkə oğlu bolşevikliyə qoşulub, buna höcət eləmərəm, ancaq inanmıram anasına deyə, çünki müsəlman arvadlarının ağzıaçıqlığını, sözbazlığım hamımız bilirik. Mərdan ağılsız deyil ki, gizli siyasi işləri arvadlara danışsın, mən bu fıkirdəyəm…

Məşədi Müseyib dedi:

– Ağılsız olmağına ağılsızdır, çünki bolşeviklərə qoşulan bir düşmənə ağıllı demək heç bir vəchlə düz olmaz.

İlyas bəy bir az tutuldu, səhvini boynuna aldı:

– Yaxşı, söz güləşdirmək vaxtı deyil, mən ayrı bir məsləhət görərdim. Razı olsanız, heç sabah Mərdanın evinə, külfətinə yaxın da getməyək. İşi elə qələmə verək ki, guya biz heç Mərdan üçün gəlməmişik. Guya biz ayrı adam axtarırıq. Bilirsən, belə ha… Bu kənddən ötək Tatılıya, Qobulara ya o birisinə, hələ ki, kəndlərin hamısından ötməmişik. Başqa yerdən əlimizə bir şey keçdi, keçib, işimiz işdir. Keçmədi, necə deyərlər: «Ağa durub, ağacan durub». Buraya sonra qayıdarıq. Ona qədər də Mərdan, anası, o birisi, bu birisi özlərini bir az arxayın hiss edər, çox ehtimal, Mərdan ev-eşiyinə dönər, qayıdanda buradaca bir gün dayanıb o ki var intiqam alarıq. Müqəssirləri məhşər ayağına çəkərik. Mənim ağlımca bu cür fənd pis olmaz. Yoxsa indidən qarətlə, yanğınla camaatı hürkütsək, başqa kəndlərdən də əlimizə bir şey keçməz. Camaatın da qabağında dura bilmərik. Onsuz da qaçanlar az deyildir… Sabah qubernator da bizə mərhəba deməz! Şəhər var, fəhlə var, aləmə səs düşməyinə də gərək biz razı olmayaq!..

İlyas bəy sözünü bitirdi, bığlarını tumarlaya-tumarlaya Vəznəlinin üzünə baxdı və əlavə etdi:

– Bilmirəm buna siz necə baxırsınız…

Vəznəlidən qabaq Məşədi Müseyib dilləndi:

– İlyas bəy ağıllı danışır.

Vəznəli oturduğu yerdə başını qaldırıb dedi:

– Mənim də xoşuma gəldi.

Yassar Lətif ağzın açıb öz rəyini demək istəyirdi. Vəznəli kişi yerini rahatlayib əlini cibinə atdı. Nəşət əfəndini çağırdı:

– Oyunu soyutma, ver bangını!

Bepul matn qismi tugad.

13 271,13 s`om
26 542,26 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
270 Sahifa 1 tasvir
ISBN:
978-9952-8245-7-5
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar