Kitobni o'qish: «Mövcudluq mübarizəsi»
MƏHMƏD NİYAZİ
Mövcudluq mübarizəsi
roman
– Ay Murad, heey!
Nəfəs almadan qulaq asdı, qarşıdakı təpələrdə əks-səda verən “Ay Murad, heey” səsindən başqa bir şey eşitmədi. Deməli, yaxınlıqda deyildi. Qaçmağa başladı. Ətrafı çiskinli duman bürümüşdü, göz-gözü görmürdü. Ancaq evə qayıda bilməzdi. Murad səhər heyvanlarla çıxmışdı.
Dərəyə enərkən özünü gedər-gəlməz dünyaya düşürmüş kimi hiss etdi, duman burda qat-qat olmuşdu. Qaranlıq düşmədən Muradı çağırmalıydı. Dayandı, əks-səda verən səsi ruhunu titrətdi.
Titrəyişlər Anadolu qadınının qismətiydi. Uşaqlığını dadmayan, titrəyişlər arasındakı gənc qız… Gəncliyini yaşamayan qadın, ana… Cəbhədə toplar partlayarkən də titrəyirdi; gün gəldi, polad lülələr susdu, amma heyf ki, onun titrəyişləri dayanmadı…
Fadimə bacı da onlardan biriydi. Üstəlik, atasını çox kiçik yaşlarında itirmişdi. “Ata” kəlməsi salxım söyüdlə bir ovuc qara torpağı gözünün önünə gətirirdi.
Anası dayısının yanına köçmüşdü, çünki sonra gənc qadının ərsiz, tək yaşaması qonşuların dilinə düşə bilərdi. Yad qapılarda cəhənnəm əzabı çəkdi. Hələ özünü şəxsiyyət kimi formalaşdırmamış onu dayısının qonşusu Çoluğun Yusifə verdilər. Əl birliyi ilə, göz yaşları ilə getdiyi Yusifə qısa zamanda alışdı. Yusif əsl kişiydi; yaxşı və pis xüsusiyyətləri təkcə ona aid deyildi, bütün kişilərin ortaq xüsusiyyəti idi. Xoşbəxtdilər – dolanışığa çatacaq torpaqları, üçotaqlı evləri, bir baş öküzləri vardı. İşləyib gül kimi dolanırdılar. Günlərin bir günü Murad dünyaya gəldi. Murad onlar üçün ayrı bir xoşbəxtlik mənbəyi idi, ən bədbin hallarında belə, sevinci onda tapırdılar.
Xoşbəxt günlər Fadimə bacının ömründə fevral günəşi kimi qısa sürdü. Malyariya xəstəliyi yayın istisində Yusifi qovurub atasının yanına apardı, salxım söyüd kəhrəba sarısı yarpaqlarını hər ikisinin üstünə tökdü. Əbədi yasa bürünən gənc simasına kədər cizgiləri çökdü. Hələ çox gəncdi, ətrafdan istəyənlər də vardı, ancaq Yusifinin yatağına kimi sala bilərdi ki?! Namusuyla bütün çətinliklərə qatlanaraq yaşamağı onu kəndin “bacı”sı etmişdi.
Bu fani dünyada Muradıyla qalmışdı. Ona görə yaşayır, ürəyi onun üçün döyünürdü. Bəs hal-hazırda qalxan duman topası Muradı harda və necə gizlədirdi?
– Ay Murad, heey!
Dinlədi, səsinin sədasına bir qırıq səsin qatıldığını hiss etdi. Ümidlənməsiylə səsi bir az da gurlaşdı.
– Ay Murad, heey!
Bu dəfə Muradın səsini eşitdi. Səs gələn tərəfə qaçmağa başladı. Təngnəfəs təpəni dönərkən çuxurda otlayan heyvanları, əlindəki çomaqla Qarabaşın quyruğunu sıxıb mırıldadan Muradı görəndə qorxuları yox oldu, yavaşıdı.
Qarabaş quyruğunu yelləyərək gözlərini təpəyə tərəf zillədi. Murad başını çevirəndə anasının yamacdan düşdüyünü gördü. Ayağa qalxdı. On-on bir yaşı olardı. Əllərini dəyənəyin ucunda birləşdirib anasına baxdı.
– Yenə nə olub?
Fadimə bacı yaxınlaşdı. Murad artıq dözmədi:
– Ana, nə olub?
Qırıq-qırıq səslə:
– Heç nə, oğlum, – dedi, – duman çökdü, dağlar, daşlar görünməz oldu. Yağış çiskinləməyə başladı. Arxanca gəldim. Bir də nə vaxt duman olsa, evə qayıt, məni nigaran qoyma.
– Duman birdən-birə çökdü. Azaram deyə, qorxdum. Heyvanlarla olduğum yerdə qaldım.
Yanına gəlib, dərindən nəfəs alaraq bir əliylə Muradın başını sığalladı.
– Heyvanları buraxsaydın, evin yolunu tutardılar. Çox qorxdun?
– Yox, ana, heyvanlar var. Elə hey Qarabaşı dürtmələdim. Hürəndə səsi vadiyə yayılır.
Qatı dumanın arasından günəş gah görünür, gah da itirdi. Fadimə bacı heyvanlara baxdı, hələ doymamışdılar. Başındakı yaylığı yerə sərdi, ana və oğul üstünə oturdular.
Fadimə bacı gözlərini heyvanlarda gəzdirdi: zəif idilər, qışdan təzə çıxmışdılar, bəlkə, südləri bir az artardı. Görəsən, yağ, pendir düzəldib bazarda satsaydı, ayın-oyun aldıqdan sonra Murad üçün də bir-iki qəpik artıra bilərdimi?! Bəzən keçmişi düşünür, kədərli günlərini xatırlayırdı. Muradın yanında duyğulanmaq istəmədiyi üçün baxışlarını heyvanlarda gəzdirir, fikrini onlarla dağıdırdı.
Üfüqlər açılır, günəş təpənin arxasında batmağa hazırlaşır, çobanlar qoyunlarını kəndə tərəf aparırdılar.
– Qalx, oğlum, gedək.
Kəndin ətəyindəki qəbiristanlığa gəlib çatanda Fadimə bacı:
– Sən heyvanlarla get, – dedi.
Məzarları tapdamamaq üçün diqqətlə yeriyirdi. O qəbirlərdə nə qədər sevgi, fəryad, nazlı yaşlar basdırılmışdı. Kürəyini söyüdə söykəyən kimi onu ağlamaq tutdu.
Rahatlaşdı. “Fatihə” surəsini ağır-ağır bir dəfə də oxudu, əllərini üzünə sürtdü. Torpağı ovuclayıb ətrini içinə çəkdi: Yusifinin ətri hələ canlı, hələ diriydi. Qara yaylığının ucuyla kirpiklərində qalan yaşı quruladı.
* * *
Fadimə bacı gün çıxmamış qalxdı. Yaradanına şükür etdi. Duasında Yusifə və atasına rəhmət diləməyi unutmadı.
Bir parça çörəklə şoru boğçaya bükdü: bunun üçün süfrə əvəzi köhnə pərdədən istifadə etdi. Otağa qayıdanda Muradın üstü açılmışdı, arıq ayaqlarını kollar cızmışdı. Mərhəmətlə Muradına baxdı. “Ey fani dünya!” – deyə heyfsiləndi. İslanmış göz qapaqlarına yüngül bir istilik yayıldı. Bu kiçik bədən nə vaxt böyüyüb onu qanadlarının altına alacaqdı?! Qaşlarının çatmalığı, üzündəki qaralıq necə də Yusifi xatırladırdı…
– Murad, qalx, oğlum. Evdə bir biz qaldıq.
Fadimə bacı heyvanları tövlədən çıxardı. Pərdəyə bükdüyü çörəklə şoru Muradın qoltuğuna qoydu. Evə girdi, boğçanı götürdü. Belinə orağı saldı. Qapını kilidləyəndən sonra itələyərək yoxladı. Güyümünü çiyninə salaraq tarlanın yoluna düzəldi.
* * *
Günəş qızmadan iş görməyə çalışırdı. Beli ikiqat idi, qabarlı ovuclarıyla sünbülləri toplayıb orağını yellədirdi. Beli ağrımağa başlayanda düzəlib ətrafa göz gəzdirirdi, naməhrəm olmadığını görüb baş örtüyünü açır, üzünü qurulayırdı. Qarşıdakı yamaclarda iməcilikləri görür, hənirtiləri eşidirdi. Cərgədə olmadığı üçün iməcilik etmirdi, dul qadın idi, dünyanın min cür işi vardı.
Günortanın istisi düşəndə kölgəyə çəkildi. Dəstəmazı təzələyib namazını qıldı. “Amin” deyərkən quşların səsi arasında Allaha yalvardı. Boğçasını açdı, amma loxmalar boğazından güclə keçirdi. Yusifinin yoxluğunu bu anlarda daha çox hiss edirdi. Neçə mövsüm onunla belə buğda biçmişdilər! Bu ağacın altında bir tikəni bölüşmüşdülər. İndisə…
Dərin sükuta qərq olmuş təpələrdə, dağlarda baxışlarını gəzdirərkən, içdən tənhalığını hiss edirdi. Bir Muradcığı vardı… Onu da Yusifinin vəsiyyətinə uyub qürbətə göndərmək istəyirdi. Tənhalığı artacaqdı… ancaq kaş bacaraydı!..
Gözlərini günəşə çevirdi: “Vaxtdır” – deyib yerindən qalxdı, tarlaya girdi və canfəşanlıqla biçməyə başladı.
Bəzən içinə narahatlıq çökür, bəzən də qəlbi sevinclə dolur, incə səsiylə nəğmə oxuyurdu:
Qara qoyun quzulu
Qara dağa düzülüb.
Nələr gəldi bu başa,
Nələr daha yazılıb?
Ruha toxunan yumşaq, hüznlü səsi quru buğda sünbülləri arasına süzülürdü.
* * *
İllərdi vərdiş etdiyi bu heyvanlardan necə ayrılacaqdı? Yusifin sağlığında buzov idilər. Artıq böyümüş, illərlə dağda, yamacda, tarlada ona yoldaşlıq etmişdilər. Başqaları da böyümüşdü, işini görürdülər. Ancaq bunlara öyrəşmişdi, necə edəcəkdi? Arxaya dönüb baxdı:
– Sür, Murad.
Murad dəyənəyi vuraraq “ohaaa” deyə bağırırdı, öküzlər sürətlənir, noxtaları əlində tutan Fadimə bacı qaçırdı. Yiyəsiz dərələrdən keçib təpələri aşırdılar.
Günortanın istisində bazara gəlib çatdılar. Geniş meydan başdan-ayağa doluydu. Fadimə bacı arxın kənarında kürəyini insan izdihamına çevirib dayanmış, Muradsa dəyənəyinə söykənib insanlara, heyvanlara baxırdı. İndiyədək bu qədər insanı bir yerdə görməmişdi. Səslərin arasında şimşək kimi çaxan “Qazlı su!”, Halva!” çığırtıları da onu təəccübləndirirdi.
Fadimə bacı həyəcanlanmağa başladı, görəsən, sata biləcəkdimi? Kişisiz arvad olmaq necə də pisdi, bir mənada dünyadan qopmaqdı.
Ağsaqqal, qara beretli bir qoca öküzlərə yaxınlaşdı. Alıcı gözü ilə baxırdı, amma Fadimə bacının duruşu cəsarətini qırır, narahat etmək istəmirdi. Muradın da orda olduğunu görəndə ona yaxınlaşdı:
– Övlad. Bu öküzlər sizindir?
Fadimə bacıya da eşitdirmək üçün səsini yüksəltmişdi.
– Bizimdi.
– Satılıqdır?
Murad başını yelləyərək Fadimə bacıya tərəf baxdı.
– Qızım, bir qüsurları var?
– Yox, əmi.
– Təmiz adama oxşayırsan, qızım, neçəyədir?
Fadimə bacı qızardı, amma nəsə deməliydi. Qiyməti də təxmin edildiyindən az idi. Səsində narahatlıq vardı.
– Əmi, mən qadın xeylağıyam, qiymət bilmirəm. Bu yetimə görə satıram.
Qocanın baxışları dəyişdi, gözlərində mərhəmət parıldadı.
– Mən də təxmin edə bilmərəm. İki çoban gətirib qiymətləndirək. Yetimin haqqını yemək istəmərəm, onsuz da ayağımın biri gordadı.
Fadimə bacının gözlərinə işıq gəldi. Çox keçmədən qoca iki adamla gəlib-çıxdı.
– Budur öküzlər. Bu qadın duldur, uşaqsa yetim; mən də qoca adamam, bir ayağım burda, bir ayağım gorda. Sizə həvalə edirəm.
Biri noxtaları əlinə alıb çəkməyə başladı. Digəri öküzləri dürtməklədi, yerişlərində bir qüsur yox idi. Dayandılar, arxadakı adam öküzlərin dişlərini yoxladı, qasıqlarına əl atdı, ayaqlarını qaldırıb baxdıqdan sonra qocaya tərəf döndü. Gözünün birini qırparaq dedi:
– Günahdan qaçıram. Mən min iki yüz əlli lirəyə satın alaram.
Noxtaları əlində tutan adam da:
– Əhməd ağa düz deyir, – dedi, – bundan artıq olmaz.
Qoca, Fadimə bacıya dönüb:
– Nə deyirsən, qızım? – soruşdu.
Fadimə bacı başını yellədi, qoca “Bismillah” deyib jiletinin düymələrini açdı. Min üç yüz lirəni uzatdı.
– Bu belə, qızım. Əlli lirə də məndən. Halal xoşun!
“Yetimdi, sevinsin”– deyərək, beş lirə də Muradın ovcuna basdı, çünki şirinlik törədəndi.
Murad sevinirdi, indiyə qədər heç kağız pulu olmamışdı. Qocanın üzü uzun müddət gözlərinin önündən getmədi.
* * *
Bazara gəldilər. Hökumət malikanəsinin yanında rəhmətlik Yusifin dostu – məhkəmə vəkili Lütfü əfəndinin kontoru vardı. Fadimə bacı ona baş çəkməyi, onunla məsləhətləşməyi evdə planlaşdırmışdı. Yusifin yaxınlarından pislik görməzdilər. Yusifin yolu rayona düşəndə vəkilin yanına əliboş getməzdi: bir az yağ, şor, ən azından meyvə götürərdi. Hər kəndlinin qəsəbədə özünə görə dostu olurdu, “Gün gələr, insan hökümət qapısına düşər” – deyirdilər. Kəndli adam necə yol tapıb ordan çıxsın ki?
Lütfü əfəndi alt dodağından sallanan sönük, islanmış siqaretini tərpədərək lövhələrdə silinmiş hərfləri seçməyə çalışırdı. Fadimə bacı Muradla içəri girib, asta səslə:
– İşiniz irəli, əmi, – dedi.
Eynəyini düzəldən Lütfü əfəndinin baxışlarından tanımadığını başa düşdü.
– Yusifin külfətiyəm.
– Hansı Yusifin, qızım?
– Təpəköydən.
– Həə! Xoş gəlmisiz, outrun!
Oturacağa əyləşdilər.
– Qızım, vacib bir sənəd yazıram. Bir az səbir edin, danışarıq.
Xeyli vaxt keçəndən sonra, Lütfü əfəndi arıq sümüklü barmaqlarıyla yazı makinasının pərini çevirdi. Burnunun ucuna doğru sürüşən eynəyini düzəltdi. Yazdıqlarını yavaş-yavaş oxudu. “Bu iş hazırdı”– deyərək kağızı masaya qoydu, gözlüklərini çıxartdı.
– Danış, görüm, qızım. Necədir vəziyyətin? Dolanışığınız necədir?
– Sağlığına dua edirik.
– Ah, Yusif, necə oğlan idi! Gənc yaşda köçdü həyatdan. Qismət. Allah nə yazıbsa, o olar. Bu oğlan sizindi?
Baxışlarını aşağı əyən Fadimə bacı qızardı. Pıçıldayaraq cavab verdi:
– Allah saxlasa.
– İnşallah, qızım. Sifəti necə də Yusifə oxşayır. Məktəbə gedirmi?
Fadimə bacı yenə qızardı, səsi də qayğılı bir hal aldı. Heyf, çarəsizdi.
– Sənin yanına gəlişimin səbəbi budur. İbtidai sinfi bitirib. Oxuması üçün rəhmətlik vəsiyyət edib. Biz kasıb adamlarıq. Deyirlər, İstanbulda İmam-Xətib məktəbi var. Kəndimizin müəllimi ora qeydiyyata düşməyimizi tövsiyyə etdi. Pulsuzdu.
– Uşağın biliyi var? Hər uşağı ora götürmürlər.
– Müəllimi keçəcəyini deyir.
Lütfü əfəndi, “Nə edə bilərəm?”– deyə düşündü. Yusifin yadigarı olan bu uşağa kömək etmək istəyirdi.
Anasına yapışmış Muradın işıldayan gözlərinə baxdı. Ürəyində hərarətli duyğular baş qaldırdı. Dodağındakı yaş, sönmüş siqareti atdı.
– İmam-Xətib məktəbinə ərizə yazım. Məktəbə kömək edən cəmiyyətin idarə heyətində bir əsgər yoldaşım işləyir. Müraciətimizlə maraqlanması üçün ona da bir ayrı məktub yazaram. Əgər qismətdə varsa, alınacaq.
Siyirməsindən çıxartdığı kağızı yazı makinasına yerləşdirdi, nazik boynunu uzadıb yazmağa başladı. İkinci kağızı yerləşdirdi. Sonra zərflərin üstünü yazdı. Kağızları zərfə qoyaraq səliqə ilə bağladı.
– Öz ünvanımı yazdım. Qəbul haqda cavab gəlsə, kəndə göndərərəm. Bir xəbər çıxmasa da, nə edə bilərik, qızım…
Zərfləri Fadimə bacıya verdi.
– Bunları yubanmadan poçtla göndər. Birdən poçtu tanımazsan?
Özü də çölə çıxıb, əliylə işarə etdi:
– Bax, bu sarı bina.
– Sağlıqla qal, əmi.
Fadimə bacı əli irigüllü, damalı yubkasının içində, şübhəli addımlarla yeriyir, Murad sağa-sola baxaraq anasının arxasınca gedirdi. Lütfü əfəndi arxalarınca baxıb başını ümidsizcəsinə yelləyərək, “İnşallah”– dedi.
* * *
Fadimə bacı sirrini Muradın oxumasını istəyən, ona yol göstərən müəllimindən də gizlədirdi. Dul olaraq nəyinə güvənib oğlunu oxutmaq istəyirdi?! Biri eşitsə, kəndə yayılar, insanı lağa qoyub, ləqəb qoşardılar. Bu, onu məzara göndərməkdən daha betər idi. Murada da ilişəcəklərindən qorxurdu. Belə gülünc ləqəblər oğuldan-oğula nəsillər boyu uzanıb getmirdimi?!
Rayondan gələnlərə həyəcanla baxır, ancaq nəyisə gözlədiyini hiss etdirməmək, diqqət çəkməmək üçün özünü o yerə qoymurdu. Günlər keçirdi, nə məktub, nə də bir xəbər gəlirdi. Bədbin fikirlərə dalırdı… Məktubu alan adam, bəlkə, içindəkini oxuyub, sonra cırıb atmışdı?! Kənd yeridi, heç kimin gözü bir-birini götürmürdü. Hələ dul qadının uşağının irəli getməsini kim istəyərdi ki?
Rayona gedib Lütfü əfəndini görməyi düşünürdü. Ancaq heyf ki, işləri çox idi. Qış uzaqda deyildi, artıq qardan əvvəlki səhər qırovları düşməyə başlamışdı. Qar Təpəköyə yağanda dayanmaq bilmirdi. Üst-üstə yağır, aprel ayına qədər hər yer ağappaq olurdu.
İşa namazından sonra əllərini göyə açdı: “Rəbbim, sən utandırma. Bizi ərlərimizə itaət üçün yaratdın. Fağırıq, bu qapını bağlasan, Murad oxumayacaq. Yusifin əhdini yerinə yetirməmiş olacam. Məni günahakar qullarından etmə” – deyib əllərini üzünə çəkəndə bir neçə damla yaş ovuclarını islatdı.
* * *
Meşədə quru odunları arabaya yüklədi. Öküzlərin noxtaları Muradın əlindəydi. Fadimə bacı həm dəyənəyi ilə öküzləri dürtməkləyir, həm də təhlükəli yerlərdə arabanı tuturdu. Yamaclarda arabanın bir və ya iki təkərini bağlayır, toz buludu ilə düşürdülər.
Kəndin girəcəyinə çatanda Murad qapılarının qarşısında bir jandarmın durduğunu gördü. “Nə oldu, görəsən?” qorxusuyla kürəyini boyunduruğa dayayaraq:
– Oha, oha, – dedi və arxada qalan anasına tərəf döndü.
– Niyə dayandın?
– Qapıda jandarm var!
Fadimə bacı vəziyyəti anlamaq üçün gecikmədi.
– Sən arabanı sür, gəl.
Qaçarkən, sanki ürəyi yerindən çıxacaqdı. Yaxınlaşanda yavaşıdı, tez-tez nəfəs alaraq yaylığını düzəltdi.
– Jandarm bəy, xeyir ola?
– Bir iş üçün bu kəndə gəlmişəm. Məhkəmə vəkili Lütfü əfəndi bir məktub göndərib. Yusifin arvadı Fadiməyə çatacaq.
– Mənəm.
Cibindən məktubu çıxarıb verdi.
– Allah amanında.
İçi-içinə sığmayan Fadimə bacı tez məktubu açıb, oxutmaq istəyirdi. Həyəcanına rəğmən bir bəhanə tapdı:
– Qardaş, yorğunsan, bir ayran verim, iç.
Jandarma geri qayıtdı.
– Yaxşı olardı, bacı.
Evə girdi, səhər çalxaladığı ayrandan tasa tökəndə ağlında bu sözlər fırlanırdı: “Görəsən, nə yazılıb?”
Ayranı içən jandarma “Allah amanında” deməyə imkan vermədən məktubu uzatdı.
– Nə yazıldığını oxuya bilərsən?
Jandarm zərfi cırdı, əvvəlcə sakitcə gözlərini gəzdirdi, məktubu Fadimə bacıya verəndə də:
– Oğlunuz İstanbul İmam-Xətib məktəbinə müraciət edib, – dedi, – qəbul olunub, sentyabr ayının iyirmi dördündə İstanbulda olmalıdı. Haydı, salamat qalın.
Sevincindən başını itirdi; nə deyəcəyini, nə edəcəyini bilmədi. Arabanı qapıya gətirən Muradın çiyinlərindən tutub silkələdi:
– Alındı, oğlum, Allah üzümüzə baxdı, səni məktəbə qəbul etdilər, – dedi.
Gözləri gülən Murad necə reaksiya verəcəyini bilmədi, ancaq bir azdan anasının sevincinə qoşuldu. Fadimə bacının həyəcanı azalası deyildi. Öküzləri tövləyə bağlayanda: “Bir dəfə də müəlliminə oxudum, artıq ziyanı olmaz, dəqiq olsun. Jandarm, bəlkə, səhv oxuyub. Yox, canım, niyə səhv oxusun ki? Yenə də oxudum” – deyə öz-özünə danışırdı.
Müəllim məktəbin bağçasındakı söyüdün kölgəsinə oturacaq qoyub əyləşmiş, axşamın ilıq küləyinin dadını çıxarırdı. Fadimə bacını və Muradı görəndə gülümsədi. Başını aşağı salıb namusuyla, öz halal zəhmətilə yaşayan Fadimə bacıya hörmət edirdi. Muradı da sevirdi. Yaşına görə ağırtəbiətli, sinfinin ən fəal şagirdi idi.
– Nədir o, Fadimə bacı?
Qadın əlindəki məktubu uzatdı. Murad utandığından anasının arxasında dayanmışdı. Müəllimi məktuba bir az baxdıqdan sonra sevincindən qəhqəhə çəkdi.
– Fadimə bacı, “Qərib quşun yuvasını Allah qurar” deyiblər. Muradı İmam-Xətib məktəbinə qəbul ediblər. Sentyabr ayının iyirmi dördündə orda olmalıdır. Nəbadə gecikməyin.
Müəllim oturacaqdan qalxdı. Anasının arxasında gizlənən Muradın çiyinlərindən tutdu.
– Bax, işlə haa. Ananın rahatlığını təmin et. Vətənə, xalqa xidmət et, məni də unutma, yaxşı?
Muradın tərli yanaqlarından öpdü.
* * *
Xəbər tezliklə bütün kəndə yayıldı. Kimlərsə Fadimə bacını tərifləyirdi: “Qadın belə olar. Gənc yaşında dul qalsa da, nə namusuna söz gətirdi, nə işini düzdə buraxdı. Oğlunu oxutmağa çalışır. Bacardı da… Muradı getdikdən sonra əli qoynunda qalacaq, bunu da gözə alıb”. Paxıllar da az deyildi: “Bu qadın uşağı nə ilə oxudacaq? Camaatı özünə güldürəcək!” – deyənlər də vardı.
İşlər azaldığından üç gündü ki, “Kənd otağı” açılmışdı. Bu axşam alaqdan, toxumdan, əsgərlikdən danışan olmadı. Yusifdən, Fadimə bacıdan, Muraddan danışdılar.
Qoca Molla İbrahim titrək barmaqları ilə tütün qabından çıxardığı tütünü bükərək:
– Səksən üç yaşımı gilas ayında tamamladım, – dedi, – hərb gördüm, zərbə gördüm, nə yalan söyləyim, Allahın bildiyini bəndədən nə gizlədim? Fadimə bacının bacardığı mənim əlimdən gəlməz.
Qapının arxasında oturan Yaqub Veysəl, Molla İbrahimin nə demək istədiyini anlamışdı. Guya heç nədən xəbəri yoxmuş kimi soruşdu:
– Nə edib ki, Fadimə bacı?
– Nə edəcək?! Qadın oğlunu məktəbə qoydu. Hansımız etmişik? Ağlımızın ucundan belə keçməyib. Bir məmur görən kimi bu boyda saqqalla qarşısında az qala əyilmiş vəziyyət alırıq. Övladlarımız da belədi, nəvələrimiz də belə olacaq.
– Narahat olma, İbrahim əmi, oxuda bilməz! Oxutmaq asandı? Pul lazımdı bununçün, Fadimə bacıda hardandı bu güc? Həvəsdi də, başlayıb, sabah sönüb yarımçıq qalacaq.
Molla İbrahim başını yellədi, ağ hörmə fəsinin altında qəzəblə qaşlarını çatdı.
– Veysəl, Veysəl! Oxuyacağı üçün narahat olmuram, sevinirəm. Eşitdiyimə görə, məktəb pulsuzdur. Yeməyi, içməyi məktəb verəndən sonra nə var ki?
– Təbilin səsi uzaqdan xoş gəlir. Kitab, dəftər, zir-zibil pulu, bunların hamısına yenə də güc lazımdı. Dul qadında o güc hardandı?! Uşaq da axmağın biri, oxumaz.
– Eh, ay Veysəl! Bax, elə bu qonşu arasındakı paxıllıqdı da bizi bu hallara salan. Kimsə xeyirli bir iş edirsə, başqası onu yıxmağı özünə vəzifə bilir. Uşaqlığımda kənd necəydisə, indi də elədi. Nə olar ki, bizlərdən də bir adam çıxsa… Pis olar?
– O vaxta qədər kim ölə, kim qala…
Molla İbrahim siqaretindən bir qullab alıb, qalın tüstünü burun deşiklərindən buraxırdı.
– Oğul, gün dediyin nədir ki, gəlib keçər, xəbərin olmaz. Yaşadığım səksən üç il indi mənə kibrit çöpünün yanması qədər qısa gəlir. Biz görməsək də, oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Bunların heç biri görməsə, Məhəmməd ümmətindən kimsə görər.
Ona kömək etməliyik ki, heş olmasa, edəcəyi savablardan bir azı da bizim məzarımıza çatsın.
– Oxuya bilməz, İbrahim əmi!
Molla İbrahim əsəbiləşdi.
– Niyə oxumur?! Oxuyanın buynuzu olur?
* * *
Hüznlü günorta günəşi yumşaq şüaları ilə Təpəköyün dağını, daşını işıqlandırır, qış yuxusuna hazırlaşan təbiət gündən-günə rəng dəyişirdi. Evinin üçpilləli pilləkənində oturub torba tikən Fadimə bacı da payızın hüznündən təsirlənmişdi. Müxtəlif fikirlər arasında əlindəki kolenkoru dizlərinə qoyub qarışla enini, uzunluğunu ölçür, dolu halını hazırlamağa çalışırdı. Muradın alt paltarlarını onun içinə qoyacaqdı.
– İşin irəli, ay bacı.
Başını qaldıranda qarşısında Yaqubun Veysəlini gördü.
– Sağ ol, Veysəl qardaş.
– Məktəb hazırlığı görürsən, yəqin?
– Belə də, əlimdən gələni.
– İndiki zamanda uşaq oxutmaq çətindi, necə başa çıxacaqsan? Həm də tək qalacaqsan.
– Rəhmətliyin vəsiyyətidir, nə edim? Hər şeyə dözməliyəm. Rəhmətliyin gedişi ilə qadınlığımız bitmədi ki!
– Allah köməyin olsun! Aran tarlanı satacağını eşitdim. Tarlamın kənarındadı, mənə münasib yerdi.
Yaqubun Veysəlinin bu yerdə gözü vardı. Həm geniş və düz, həm də kəndin ən məhsuldar tarlasıydı. Fadimə bacı buğdasının çoxunu ordan götürürdü.
– Yox, Veysəl qardaş, “tarlalarıma, evimə toxunmayın” – deyə rəhmətlik son günlərində tez-tez söyləyərdi. Ora necə əl vura bilərəm?
Yusif də hər Anadolu insanı kimi torpağına bərk-bərk bağlıydı, ən ağır vəziyyətlərdə belə, onu düşünürdü. Cahillik ucbatından gözəl tarlalar satılardısa, sonra uşaqların halı necə olardı?
– Necə istəyirsən, bacı, satsan mənə xəbər etməyi unutma.
– Sağlıqla qal, Veysəl qardaş.
* * *
Sübh tezdən camışların yeməsi üçün axşamdan qabaqlarına ot-əncər qoydu. Molla İbrahimin oğlu Süleymanla tezdən yola çıxacaqdılar, Fadimə bacı rayondan araba ilə geri qayıdacaqdı.
Qış yaxınlaşanda Anadolunun bir çox insanları kimi Süleyman da işləmək üçün qürbətə gedirdi. Molla İbrahim təmiz qəlbli, nurlu bir insan idi, oğlu Süleyman da ona oxşayırdı. Bu qarşılaşmaya Fadimə bacı çox sevinmişdi. Murad hələ balaca idi, yol-yolağa bilmirdi, yəqin, məktəbini tapmazdı. Bu boyda İstanbula onu necə göndərəcəkdi?
Muradın əlindən tutub gedir – hardan getdiyini, hara gəldiyini bilmirdi. Qorxdu, geriyə qayıtmaq istədi, lakin dayana bilmədi. Murad sakit idi, onunla danışsa sakitləşəcəkdi, çox heyf ki, səsi gəlmirdi. Qəbiristanlıqdakı salxım söyüdün yarpaqlarının alışdığını gördü. Yaxınlaşdıqca, alov yüksəlirdi. On dörd gecəlik ayın üzünə oxşayırdı. Qayıtmaq istədi, ancaq ayaqları sözünə baxmadı, alova tərəf getməyə davam etdilər. Yaxınlaşanda Yusifi tanıdı: gülürdü. Ürək oxşayan səsiylə: “Qorxmayın! Mənə tərəf gəlin, Muradımı görüm. Məni unutmasın” – dedi. “Yusif” deyən kimi parlaq üzü qaranlıqda əridi.
“Bismillah”la oyandı, Muradın balaca bədənini yorğanın üstündən sığalladı.
– Qalx, oğlum.
Qaranlıqda Murad gözlərini ovuşdururdu.
Fadimə bacı əlinin köməyi ilə kibriti tapıb şamı yandırdı. Yatağın altında kəsəri axtaranda Murad təzə paltarlarını geyindi. Kəsəri tapdı, qatranları nazik-nazik böldü, uzunasına alışdırdı və Muradın əlini ovcuna aldı.
– Haydı, oğlum, atanın məzarına gedək.
Yüngül meh qatranın alovunu uzadırdı. Fadimə bacı ovcundakı əldən Muradın titrədiyini hiss etdi. Ona da ürpəşmə gəlmişdi.
– Qorxma, oğlum.
– Niyə qorxum? Orda atam yatır.
Fadimə bacı taxta qapını açanda yüngül qıcırtı qaranlıqda səs-küy saldı. Məzarların arası ilə yeridilər. Burda əsən külək, sanki yad iqlimlərdən qopub gəlirdi. Alov əlinə yaxınlaşdıqca yeni qatran yandırır, azalanı tələsik yelləyərək söndürüb ayağının altında əzirdi. Söyüd ağacının dibinə çatıb qəbirin baş tərəfinə keçdilər. Fadimə bacı bir əliylə torpağı oxşamağa başladı, şirin bir istiliyin ürəyinə dolduğunu hiss etdi. Murad burnunu çəkirdi. Fadimə bacı o biri əlindəki alovu yuxarıya qaldıraraq göz yaşlarını Muraddan gizlətməyə çalışırdı. Bildiyi duaları oxuduqdan sonra az da olsa, rahatladı.
– Atanı unutma, oğlum.
– Baş üstə, ana.
Qalxdılar. Havada səhərin ilk işıqları görünürdi. Qarşılarını görə bildiklərindən Fadimə bacı çırağı söndürdü.
Fadimə bacı tövlədən çıxardığı camışların üstündəki gübrələri təmizləyərkən Molla İbrahimin Süleymanı gəldi. Muradın torbalarını, Süleymanın yatacağını arabaya yüklədilər. Fadimə bacı ilə Murad yan-yana oturdu. Süleyman dəyənəyi əlinə aldı, “Haydi, balam” deyərək atları dəhmərlədi.
Fadimə bacının ruhunda iki cür fırtına əsirdi. Murad oxuyacağı üçün sevinirdi, həsrətinə dözə bilməyəcəyindən də qorxurdu. Gözucuyla oğlunu süzürdü. Təzə paltarı ona yaraşırdı, amma təəssüf ki, boynu bükük idi. Gözlərini ondan çəkə bilmirdi.
* * *
Sübh namazına qalxmayan Molla İbrahim qapının qarşısına çıxardığı kətildə oturmuş, qollarını çırmalayıb, günəşin çıxmağını gözləyərək düşünürdü. “Yuxu idimi?!” Başını yelləyir, “Yox, canım, oyanmışdım” – deyirdi. Onun bu halı bağçada olan Veysəlin diqqətini çəkdi.
– Salam-əleyküm, İbrahim əmi.
Molla İbrahim ona tərəf çevrildi, başıyla salam verdi.
– Fikirlisən, xeyirdimi?
– Xeyirdi, Veysəl, sabaha yaxın su tökməyə çölə çıxmışdım. Qəbiristanlıqda bir alov gördüm. Atəş gah böyüyüb, gah da kiçilirdi. Diqqətlə baxdım: söyüdün altında gah yüksəlir, gah enirdi. Qorxdum. Nə də olsa, insanoğluyuq. Oxuyaraq evə girdim. Belə başa düşdüm ki, Yusifun qəbrinə nur enmişdi.
– Allah, allah, İbrahim əmi!
– Eh, Veysəl, kimin nə olduğu bilinməz. Kasıbdı, amma əliaçıq idi, təmiz ürəkliydi. İbadətini də eləyərdi. Öləndə də belə, oğlunun oxumasını fikirləşirdi. Bu Məhəmməd ümmətinə xidmət deyilmi? Nur onun qəbrinə enməyəndə, kimin qəbrinə enəcək?
Molla İbrahimin sözləri tezliklə kəndə yayıldı. Başqa görənlər də çıxdı. Kənddəki söz-söhbətlər zühur edən nurun ətrafında fırlanırdı, hamı bu nuru xəyal edirdi.
* * *
Tezdən məktəbin həyəti qələbəlikdi. Getdikcə adam çoxalırdı. Yolda bir maşın dayanan kimi baxışlarını o tərəfə çevirərək düşənin kim olduğunu bilmək istəyirdilər. Yaxınları qaçır, sevinc dolu qışqırıqlarla bir-birilə qucaqlaşırdılar.
Otuz yaşlarında olan, ortaboylu, qaraqaşlı, gülərüzlü Emin müəllim məktəbin həyətinə gələn kimi keçmiş şagirdləri o saat ətrafına yığışdılar. Təzə şagirdlərsə durduqları yerlərdə kölgə kimi səssiz idilər, amma ürəkləri həyəcanla dolub-daşırdı. Emin müəllim gülümsəyəndə süd kimi ağ dişləri görünürdü. Baxışlarını şagirdlərində gəzdirib tək-tək hal-əhvallarını soruşurdu; sual verdiyi şagird başını önünə əyərək, ancaq eşidilə bilən sözlərlə hörmətini göstərirdi. Aralarında olan azacıq söhbətdən sonra:
– Hə, uşaqlar, siz danışın, – dedi.
Bir azdan zəng vuruldu. Pilləkənlərin başında direktor köməkçisi göründü. Qolları qoynunda, sıraya düzülən şagirdlərə baxırdı. Səssizlik içində və sürətlə siniflər yerlərini alır, boy sırasını da gözdən qaçırtmırdılar. Siniflər üç-üç sıraya düzüldülər, yalnız təzə şagirdlər səliqəsiz şəkildə dayanmışdılar. Direktor köməkçisi pilləkənləri düşüb yanlarına gəldi. Qısaboyluları qabağa gətirdi; sıralamağa başladı, çiyninə toxunduğu şagird bir daha yerindən tərpənmirdi.
Pilləkənlərin başında müəllimlər yığışmışdı, direktor da aralarında idi. Direktor köməkçisi yuxarı sinifdən bir şagirdə bayrağı çəkməsini tapşırdı. Qalın səslə:
– Hazır ol! – dedi
Gözlərini gəzdirdi: tərpənən yox idi.
– İstiqlal Marşını oxuyacağıq. Başladıq! “Qorxma!..”
Ürəklərdən coşquyla yüksələn səslər İmam-Xətib məktəbinin divarlarında əks-səda verib Halicə tərəf süzülürdü. Gənc üzlər qızarır, boğaz damarları şişir, müqəddəslərin əbədi olaraq bu torpaqlarda sönməyəcəyini sirli maviliyə – səmaya qışqırarkən, göyün bəzəyi ay-ulduz insanlığı salamlayaraq yüksəlirdi.
Direktor köməkçisi:
– Direktor bəyimizin sözü var, – dedi.
Ağsaçlı direktorun səsi məktəbin həyətinə hakim oldu.
– Başlayan yeni məktəb ilimizin kollektivimizə və millətimizə xeyirli olmasını diləyirəm. Sevimli gənclər, böyük mübarizənizin hazırlıqlarını burada edəcəksiz. Elmlə, irfanla beyinlərinizə tükənməz aydınlıqlar dolacaq. Qızıl üzüyün qırılmaz bir hissəsi olaraq, ölkəmizin uzaq əyalətlərində tər tökən qardaşlarınızın sıralarına qoşulacaqsınız. Buradan aldığınız biliklər həyatda həm işığınız, həm də sərmayəniz olacaq. Məktəbinizi bu gözlə görün, bu sevgiylə sevin, müəllimlərinizə hörmətiniz bu duyğu ilə olsun. Əli öpüləsi müəllimlər həyatın nemətlərinə üz çevirib sizə yönəldilər. Bura eyni zamanda sevgi yuvasıdır. Analarınızın, atalarınızın yoxluğu ilə çırpınan ürəkləriniz müəllimlərinizin sevgilərində sakitliyə qovuşacaq. Boranlı, fırtınalı həyatda tezliklə ayaqda durmaq, yaşaya bilmək burada bir-birinizə yaxşıca bağlanmağınıza bağlıdır. Bu da ancaq bir-birinizi sevməklə mümkündür. Böyük çətinliklərə sinə gərərək, izdihamın iniltisini dindirən neçə nəfərsiniz? Bir-birinizi fəda etməyin, özünüzü fəda edin. Qaranlıqlar işığınızda boğulsun!
Gözlərində diri bir ruh alovlanmışdı. Çuxura düşmüş gözlərini dəsmalıyla quruladı. Həyəcanını gizlətməyə çalışaraq davam etdi:
– Anadolum! Bu günün qaranlıqlar diyarı… Nemətlərinlə böyüdük; təəssüf ki, sənə bir şey verə bilmədik. Aclar, yoxsullar məmləkəti… Qarşımda artıb sıralanan səfi görərək, ölkəm, sənə cəsarətlə qışqırıram: ölməyəcəksən! Böyüyəcəksən! Bağrından qopan Mövlanələrin, Yunislərin insanlığa yenə yol göstərəcək.
Astaca əyilərək bir addım geri çəkildi. Direktor köməkçisi yuxarı sinif şagirdlərinə:
– Birinci siz, – dedi.
Şagirdlər səssizcə məktəbə daxil oldular. Çöldən içəriyə yalnız ayaq səsləri gəlirdi. Təzə şagirdlərə sıra gəldikdə, direktor köməkçisi qarşılarına keçdi. Zala daxil olan kimi cibindən çıxardığı siyahını oxuyaraq onları siniflərə böldü.
Ürəkləri şübhə ilə dolu idi. Sinifdə səs yoxdu. Gözucu bir-birini süzür, qorxaq baxışlarını aşağı əyirdilər.
Sinifdə ayaq səsləri canlandı. Qapıdan Emin müəllim girdi. Gülümsəyərək baxışlarını sinifdə gəzdirdi; hamısı ayaq üstdə idi.
– Sabahınız xeyir, uşaqlar.
– Sağ ol.
– Siz də sağ olun. Oturun.
Sinif səssizliyə qərq oldu. Emin müəllim kresloya oturdu. Gülümsəyən gözlərini şagirdlərdə bir-bir gəzdirərkən öz uşaqlığını, bu sıralara ilk gəlişini, ürkək hərəkətlərini xatırladı.
– Çoxunuz Anadolunun müxtəlif yerlərindən gəlmisiniz, demək olar ki, hamınız ilk dəfədir evinizdən ayrı düşürsünüz. Ata-analarınız, qardaşlarınız üçün indidən darıxırsınız. Kəndiniz, qonşularınız, mal-qaranız gözlərinizin qarşısındadır. Necə kədərləndiyinizi bilirəm: mən də sizin kimi idim. Bu məktəbə ilk gəlişimi, bu sıralara ilk oturuşumu xatırlayıram; gözlərimin qarşısında anam, yaxınlarım, kənd canlanır, heç cürə yadımdan çıxmırdı. Dözə bilməyəcəyimi düşünürdüm. İlk günlər mənim üçün çox çətin olmuşdu, amma qısa vaxtda məktəbimə, müəllimlərimə, dostlarıma öyrəşdim və onları çox sevdim. Gözümü açıb-yumunca ilin axırı gəlib çatdı. Kəndə qayıdanda qoyub gəldiyim hamını, hər şeyi yerində gördüm. Buradakı narahatlıqlarımın əbəs olduğunu başa düşdüm. Yay aylarının tez bitməsini, məktəbi, dostlarımla görüşməyi istəyirdim. Məktəbimiz ikinci il mənə daha isti gəldi və günlər sürətləndi… Hər ötən il məktəbimizə daha çox bağlanır, hər il mənim üçün daha gözəl olurdu. Və nəhayət, bu məktəbi bitirdim. İllərcə darıxdım. Buraya müəllim olaraq təyin olunmaqla məktəbimə qovuşdum, amma o illərin həsrətindəyəm. İndi hamınızın içində qorxu var: görən, bir şey olmadı ki? Atam, qardaşlarım necədi? Heç narahat olmayın, hamısı qoyub gəldiyiniz kimi yaxşıdılar. Hər şeyin başlanğıcı çətindir, hələ ayrılığın ilk günləri çox dözülməzdir.
Emin müəllimin ağzından çıxan bu sözlər uşaqlara rahatlıq gətirir, özlərini toplamalarına kömək edirdi. Murad əlini gicgahına dayayıb, gözlərini müəlliminə zilləmişdi.
Şübhələrlə dolu ilk günü dərindən yaşayaraq düşünürdülər: “Görən, necə bir müəllim gələcək?” sualı ilə ürəkləri döyünürdü. Müəllim sinfə daxil olan kimi, onu ürkək baxışlarla süzür, dəqiqələr irəlilədikcə öyrəşirdilər. Hər dərsin bitməsi ilə, elə bil, dünya dəyişirdi.
Səhərin son dərsinin bitmə zəngi səslənən kimi müəllim:
– Siz təzəsiz, – dedi, – Yeməkxananı tanımaya bilərsiniz. Digər şagirdlərin ardınca gedin.
* * *
İzdiham səssizcə pilləkənlərdən aşağı axırdı. Murad da aralarına qoşuldu. Qorxurdu: belə bir kütlənin içində yeməyə, yaşamaya öyrəşməmişdi. Necə bacaracaqdı?! Birdən üstünə dağıdardısa?! Hər addımı onu həyəcanlandırırdı. Bir an içindən geriyə qayıtmaq keçdi. Acmışdı, hara gedəcəkdi?! Yeməkxanaya girdi. Masalar düzülmüşdü: ağ süfrələrin üzərindəki boşqablar, çəngəllər, bıçaqlar tər-təmiz idi. Şagirdlər sıra ilə yerlərinə əyləşdilər; bir masa dolduqdan sonra ikinci masada yerlərini almağa başladılar. Qapının kənarındakı beton dirəyin dibində dayanan Murad titrəyirdi; sırada dayanmağa utanmışdı. Ürəyində, “Deməli, belə olacaq” – deyirdi; təəssüf ki, özünü heç cürə sıraya sala bilmirdi. Gözləri bir anlıq yaşla doldu. Çölə çıxmağı düşünsə də, bacara bilmədi. Emin müəllim gülərək yanına gəldi.
– Vay, balaca, adın nədir?
Üzü qızardı, ağlamsınaraq kövrək bir səslə:
– Murad, – dedi.
Murad başını aşağı əydi. Emin müəllim saçlarını oxşayanda əlinin içində kiçik bir ürəyin çırpıntısını hiss edirdi. Əlindən tutanda yuxarı sinifdəki şagirdlərin birləşdiyi masada boş bir oturacaq gördü. Emin müəllim gələndə masadakı şagirdlər ayağa qalxdılar.
– Məhmət, Murad sənə əmanətdir. Hər yeməkdə yanına alacaqsan. Bir ehtiyacı olarsa, maraqlanacaqsan. Ehtiyac olarsa, məni də xəbərdar edəcəksən.
– Baş üstə.
Emin müəllim Muradın qoltuqlarının altından tutub oturacağa oturtdu və getdi. Başını əyən Murad qulaqlarına qədər qızarmışdı. Məhmət ona tərəf əyildi.
– Murad, haralısan?
Başını qaldırmadan:
– Təpəköydən, – dedi.
– Atanın adı nədir?
– Atam yoxdu.
– Nə oldu atana?
– Ölüb.
– Allah rəhmət eləsin! Yenə də bir adı vardı, yəqin?!
– Çoluğun Yusif.
Masalardan qaşıq, boşqab səsləri gəlirdi. Muradın həyəcanı yavaş-yavaş ötürdü. Məhmət çömçə ilə şorbanı boşqablara çəkdi.
– Hə, Murad, “Bismillah” deyib başlayaq.
Murada elə gəlirdi ki, hamının nəzəri ondadı. Qaşığını əlinə alanda birtəhər oldu; şorba qaşığından masaya dağılanda nə edəcəyini bilməyərək donub qaldı. Məhmət gülümsədi.
– Fikir eləmə, Murad, biz balaca olanda nələr etmirdik… İndi də dağıdırıq. Sən tərbiyəli, diqqətli uşaqsan, qısa vaxtda necə öyrəşdiyini görəcəksən.
Məhmətin sözlərindən Muradın gərginliyi azaldı. Şorbanı üfürərək içirdi. Masanın ab-havasına öyrəşir, danışanlara qulaq asırdı. Növbə çərəzlərə çatmışdı. Məhmət yeməkləri boşqablara bölüşdürdü. Kəndlərində belə yeməyə az rast gəlinirdi. Tulumba şirniyyatını heç vaxt görməmişdi. Məhmət qardaşını gözlədi. Çəngəlin ucuyla bölür, bölünən hissəni çəngəli ilə götürürdü. Murad da eynisini etdi. Məhmət şirniyyatı bitirən kimi bir stəkan su içdi. Murad da içdi. Məhmət masadakılara “Nuş olsun” – deyərək qalxdı.
– Gedək, Murad.
Murad Məhmətin arxasınca gedirdi. Yuyunma yerinə gəldilər. Əllərini sabunla yuyub quruladıqdan sonra çölə çıxdılar.
* * *
Şagirdlərin əksəriyyəti kənddən idi. Bu ərəfələr İstanbuldan və başqa şəhərlərdən gələnlərin sayı azalmışdı. Çoxu kimi o da məktəbə öyrəşməmişdi. Bir səhv edərsə, məktəbdən qovulacağını düşünürdü. Hara gedərdi? Molla İbrahimin Süleymanı bura gələndən ona bir daha baş çəkməmişdi. Sağollaşanda, “Səni tez-tez yoxlayacam, atamın əmridir” – demişdi, amma o gündən bəri bir dəfə də görünməmişdi. Bir də pulunu itirərdisə, halı necə olardı? Yavaşca əlini sinəsindən qabırğasına doğru sürüşdürdü, pencəyinin astarındakı cibinə barmaqlarının ucuyla toxundu. “Oldu” deyərək rahatca nəfəs aldı və içinə şirin istilik yayıldı. Fadimə bacı Muradın cibinə xərcliyini qoymuş, ayrıca əlli lirə də bir bezə bürüyüb iç cibinə tikmişdi. “Heç vaxt buna əl vurma; pulun qutaranda, məktub yaz, göndərərəm. Nə olar, nə olmaz. Yollar qar olar və ya pulunu itirə bilərsən, onda heç kimin görmədiyi yerdə bu cibi sökərsən. Pulu xırdalayandan sonra da bir qismini yenə ora qoyarsan” – deyə bərk-bərk tapşırmışdı. Murad gündə bir neçə dəfə heç kimsəyə bildirmədən iç cibini yoxlayıb rahatlaşırdı.
Yatağa girəndə, sanki anasıyla göz-gözə gəldi: dərin baxışları məyus halda ürəyinə dolurdu. Göz yaşları axmağa başladı. Hıçqırdıqca çarpayı cırıldayırdı. Axşam vaxtıydı; Qarabaş çöldə yallanırdı… Sonra özünə gəldi. Tərləmişdi; yorğanı üstündən atdı. Məhmət qardaşını düşünərək rahat olurdu. Qısa vaxtda ona öyrəşmişdi… Necə də yaxşı insandı! Səssiz-səssiz içindən gələn hıçqırıqları boğduğunu hiss etdi. Yatağında dikəldi; yanındakı çarpayıya gözlərini zillədi. Boğuq bir hıçqırıq sinəsini deşirdi. Yorğanın altına girən kimi göz yaşları yenə axmağa başladı.
* * *
– Oyanın, saat yeddi olur.
Murad oyananda direktor köməkçisi yataqxananın qapısında dayanmışdı. Əlini qapıya bir neçə dəfə vurdu.
– Qalxın!
Yataqxanadan çıxanda Məhmətlə qarşılaşdı.
– Necəsən, Murad? Rahat yata bildinmi? – deyə Məhmət gülümsəyərək soruşdu.
Boynunu bükdü, yalan danışmağa öyrəşməmişdi, nə deyəcəyini də bilmirdi. Hərəkəti Məhmətin ürəyini yumşaltdı, ona təsəlli verəcək sözlər deməyə vadar etdi.
– Ötən günlər necə keçdisə, bu günlər də belə keçər; həm də daha rahat.
Murad da içində Məhmətin dediklərini təkrarladı, amma bu təəssüratın heç keçməyəcəyini, anasına qovuşmayacağını düşünürdü. Məhmət mütaliə sinfinin qapısının yanına çatanda dedi:
– Fikir eləmə, Murad, çalış, ananın ümidlərinə layiq ol.
* * *
Vaxt ötdükcə Murad Məhmətin gözündə sevimli bir insan olurdu. Qorxaqlığını, utancaqlığını günlər süpürüb aparır, gül kimi bir uşaq gün işığına çıxırdı. Muradda da Məhmət qardaşını çoxdan tanıyırmış kimi hiss vardı; ilk xatirələrinin arasında onu tapmış kimiydi; elə bil Təpəköylüydü, həm də anasının çox yaxınıydı.
Noyabr yağışları İstanbulu amansızca döyəcləyirdi. Bazar günü olduğundan məktəb sakitdi. Yağışın damları döyəcləməsinə səssizlik qəribə hislər qatırdı. Məhmətlə Murad pəncərənin qarşısında dayanaraq yağışı seyr edirdilər. Havanın kədəri onları da ağuşuna almışdı. Belə anlarda həsrətin insanın içini yandırdığını Məhmət yaxşı bilirdi. O, baxışlarını Murada çevirdi: kədər bütün acılığı ilə üzünə çökmüşdü. Ona nəsə bir söz deməliydi.
– Kənddən ayrıldığın nə qədər oldu?
Murad gözlərini Məhmət qardaşına çevirdi. Üzündə yaranan təbəssümlə kədəri dağılmağa başladı.
– Bilmirəm ki! Qaranlıq bir səhər idi. Molla İbrahimin Süleymanı, anam və mən şəhərə gəlmişdik. Çox olar.
– Bura gələndən neçə gün sonra məktəb açıldı?
– Bir axşam yatdıq, sabah açıldı.
– Kənddən bura neçə günə gəldiniz?
– Bir axşam Eskişehirdə yatdıq.
– Məktəb iyirmi dörd sentyabrda açılıb. Sən də iki gün öncə evdən çıxmısan. Bu gün noyabrın üçüdü. Hesabla, görüm!
Murad zehnində hesablamağa çalışdı, amma bacarmadı. Barmaqlarıyla saydı, qarışdırdı. Güldü, üzündə xəfif qızartı əmələ gəldi. Onu çətin vəziyyətdə qoymamaq üçün Məhmət cavab verdi:
– Təxmini qırx gün edir. Anana məktub yazmısan?
– Yazmamışam.
– Gələndə səni tənbeh etmədi?
– Etdi. “Pulun bitəndə yaz” dedi.
Murad əmanəti xatırladı. Gözucu nəzər saldığı Məhmət qardaşı çölə baxırdı. Əlini sinəsindən astaca iç cibinə sürüşdürdü, barmağının ucu yamağa dəyəndə sevindi. Sürətlə əlini çəkdi.
– Məktub yalnız pul üçün yazılmır ki. Ananın səndən başqa kimsəsi də yoxdur. Onu nigaran qoyma. Sinif boşdur: bu saat yaz, göndərək.
Sinfə girdi, dəftərindən kağız qoparıb partada oturdu. Ağlına bir şey gəlmir, qələmi ağzına salıb düşünürdü. Anası gözlərinin qarşısına gəldi. Qələmi barmaqlarının arasında oynatdı. Kənddə qürbətdən gələn məktubları xatırladı. Necə də gözyaşlarıyla oxuyurdular. “Mən də qürbətdəyəm. Anama məktub yazıram!” – deyə içində düşünərkən gözləri yaşardı. Dodaqlarını dişlədi. Məhmət qardaşını düşünərək ağlamaqdan utanırdı. Yaralı sərçə kimi çırpındı.
Məhmət sinfə gələndə Murad hıçqırırdı. Yanına oturdu; hıçqırıqları ürəyini güllə kimi deşirdi, amma nə edə bilərdi? Murad yaxşıca rahatladıqdan sonra özünə gəldi. Məhmətin səsi ürəyini oxşayıb, sakitləşdirirdi.
– Anan indi çox yaxşıdır. Dul qadının oğlunu oxutması nə deməkdir? Elə bilirsən, hər qula nəsib olacaq bir işdir? Böyüyərsən, böyük adam olarsan, ananı yanına alıb rahat yaşayarsan.
Başını qaldıranda utandı. Üzü göz yaşları ilə islanmışdı. Məhmət qardaşına baxmadan soruşdu:
– Evi, tarlaları, mal-qaranı satacağıq?
– Mal-qaranı satarsınız, evin qapısını bağlayarsınız, yaydan-yaya gedərsiniz. Tarlaları da icarəyə verərsiniz. Ata mülkünə toxunmaq olarmı? İnsanın başına hər cür iş gələ bilər. İndi yaz, görək.
– Nə yazım? Ağlıma bir şey gəlmir.
– Yaxşı olduğunu, dərslərini, salam-filan yaz.
– Qələmi əlimə alan kimi unuduram.
– Onda mən deyim, sən yaz.
Muradın qarşısındakı kağız islanmışdı, çantasından yeni bir kağız çıxartdı. Məhmət əliylə göstərərək:
– Bura tarix yaz, – dedi.
“Sevgili Anam!
Məktubu Məhmət qardaşla birgə yazıram. Məhmət qardaşdan məndən nigaran qalmayasan deyə, bəhs edirəm. Burada tək deyiləm. Dostlarım var: onlar da müxtəlif yerlərdən, kəndlərdən gəliblər. Məktəbimə, müəllimlərimə öyrəşmişəm. Məktəbimiz çox rahatdır; müəllimlərimiz də mənim təsvir etməyəcəyim qədər yaxşı insanlardır. Allaha şükür, heç bir dərdim və ehtiyacım yoxdur, pulum da var. Məndən nigaran qalma. Amma mən səndən çox nigaranam, ağlımdan heç çıxmırsan. Mənə dua et!
Dərslərimin də xeyri olur. Əlimdən gəldiyi qədər dərslərimi edirəm; səni düşündükcə daha da çox çalışıram.
Məktub yazdırıb mənə göndərsən, çox sevinərəm. Kənddən, qonşulardan da xəbərlər gözləyirəm. Dolanışığın yaxşıdımı, anam?! Onu da bilmək istəyirəm.
Müəllimimə, qonşulara çoxlu-çoxlu salam de! Əllərindən öpürəm! Məhmət qardaş da salam deyib, əllərindən öpür. Dəyərli anam, əllərindən öpür, dualarını gözləyirəm.”
Altına ünvanı yazdı. Məhmət zərfi bağladı, cibindən bir marka çıxarıb yapışdırdı:
– Yağış yağır, amma poçta gedib göndərəcəm, – dedi.
Axşam yeməyində, dərs oxuyanda anasının üzü gözləri qarşısından çəkilmir, əlindəki məktubla Murada baxıb-baxıb gülümsünürdü. Neçə günə alacağını, cavabın nə vaxt gələcəyini hesablayırdı, bu günə qədər yazmadığı üçün də heyfsilənirdi.
* * *
Tətil günlərində, tənəffüslərdə Məhmət qardaşından ayrılmazdı. Həmyaşıdlarına özünə hörmət etdirən və sevdirən Məhmət qardaşının ətrafında ümumillikdə bir qrup olurdu. Trabzonlu Erol Məhmətlə eyni sinifdə oxuyurdu. Digərlərinə görə azacıq yaramaz idi.
Bir gün Murad, Məhmət və yanındakılar gülürdü. Məhmət tez-tez:
– Heç bu qədər gülməmişdim, – deyə təkrarlayırdı.
Yanlarına yaxınlaşan yuxarı siniflərdən digər şagirdlər də:
– Bizə deyin, biz də gülək, – dedilər.
Məhmət:
– Ən yaxşısı Erol danışsın, – cavab verdi.
Erol Qaradəniz ləhcəsiylə danışmağa başladı.
– Tarix müəllimi məni lövhəyə çıxartdı: “Kromvel haqqında danış” – dedi. Mən də, “Kromveldən mənə nə? Mənə öz tariximizdən sual verin” – cavabını verdim. “Onda Navarin basqınının səbəb və nəticələrini dinləyək” deyincə qan vurdu başıma. “Məndən qalib gəldiklərimizi soruşun. O basqınları edənlər bilsinlər. Onlara lazım olar. Biz qalib gəldiklərimizi bilsək, kifayətdi. Məndən İstanbulun fəthini soruşun. Fatih dədəmi, Yavuz, Qanuni dədələrimdən danışım” – dedim.
Yuxarı sinifdən olan bir şagird gülərək soruşdu:
– Müəllim nə dedi?
– Bir şey demədi, məni yerimə oturtdu.
– Neçə verdi?
– Demədi, səncə, neçə verəcək?
* * *
Gözləməyin çətin olduğunu Murad da başa düşürdü. Məktubun yazıldığından bəri uzun müddət keçməsinə baxmayaraq, anasından cavab gəlməmişdi. Hər gün həyəcanla poçta baxırdı; məktub olmadığını öyrənincə, boynu bükük qayıdırdı. Bəzən anasına gec yazdığı üçün kədərlənirdi, bəzən də anasının ona laqeyd qalmayacağına inandığından pis düşüncələrə qapılırdı. Bu anlarında Məhmət ona təsəlli verirdi.
– Təpəköyə çox qar yağdığını sən deyirdin. Bu qiyamətdə rayona gedib-gələn olmadığı üçün, anan ya məktubunu almayıb, ya da yazdırdığı cavabı göndərə bilməyib. Məktubu gəlməyən təkcə sən deyilsən ki…
* * *
Bir gün Məhmət qardaşı ilə sinifdə riyaziyyatdan bir məsələ həll edirdi.
Qapını Erol açdı, içəriyə girmədən əlindəki məktubu uzadaraq:
– Murad, sənə məktub var, – dedi.
Yerindən sıçramağıyla məktubu alması bir oldu. Həyəcanla açarkən Məhmət gülümsəyirdi.
– Sənə demədimmi, Murad! Analar uşaqlarını unutmazlar. Əvvəlcə məktubunu oxu, sonra dərsimizi edərik.
“Sevgili oğlum!
Məktubunu müəlliminə oxutdum. Bu məktubu da o yazır. Allah sənə xeyirli ömür versin. Dualarım səninlədir. Heç bir “amin”imdə əskik deyilsən. Məndən nigaran olma! Bura kənd yeridir. Biz burada böyüyən bir ailəyik. Bir-birimizə hirslənsək də, qışqırsaq da, ət və dırnaq kimiyik.
Molla İbrahim tez-tez səni soruşur. Oğlu Süleyman səni məktəbə qoyduqdan sonra, çox uzaq bir yerdə iş tapdığı üçün yanına gələ bilməyib. Molla İbrahim də Süleymana hirslənir. “Nə qədər uzaq olur-olsun, insan uşağı bir gedib görər” deyir.
Allaha şükür, buralarda pis bir şey yoxdu. Ötən gün Molla İbrahimin yoldaşı Safinaz bacı bir az nasazlamışdı. Çox şükür, o da yaxşılaşdı.
Qar artıq çoxdan yağıb. Bəzən yağır, bəzən hava açılır. Bu il qış ağır keçir. Amma biz öyrəşmişik; buralarda dünyaya gəldik, buralarda yaşa dolduq.
Müəllimin yaxın vaxtlarda bir toplantı üçün rayona gedəcək. Bu məktubu göndərəcək. Sənə çatdırılması üçün ona bir miqdar pul da verdim. Oralarda qərib qalma: həmd olsun, yağımız, pendirimiz, pulumuz da var.
Məktub yaza bilsən, yaxşı olar. Biz anaların gözləri yoldadır.
Məhmət qardaşına da salam de! Allah ona da arzuladığını nəsib eləsin!
Müəllimin də yazmaq istəyir.
Allaha əmanət olasan, övladım.”
“Sevgili Murad!
İbtidai təhsildən sonra davam edən, kəndimizdən ilk çıxan sən oldun. Mənə sənətimin dəyərini hiss elətdirdin. Ömrün uzun olsun!
Anandan nigaran qalma, dərslərini yaxşı öyrən! Anan kəndimizin bacısıdır. Əlimizdən gəldiyi qədər ona kömək edirik.
Sənin qayğına qaldığı üçün Məhmət qardaşına təşəkkür edir, gözlərindən öpürəm.
Mənim ağıllı və gözəl şagirdim. Allah sənə uzun ömür versin! Fadimə bacını Muradına çatdırsın. Gözlərindən öpürəm!
Müəllimin
Həmzə Bayır.”
Məktubu dəfələrcə oxudu; yuxusunda anasını, müəllimini, Molla İbrahimi gördü.
* * *
Semestr tətili yaxınlaşdıqca məktəb tənhalaşırdı. Tətilə bir-iki gün qalmış uzaq yerlərdən gələnlər icazə alır, çamadanlarını yığıb sevinclə gedirdilər. Hər gedəni gördükcə Muradın ürəyi titrəyirdi. Təpəköyün qarla örtülmüş dağları, dərələri keçilməz olduğu üçün, getməyi düşünsə də, Məhmət qardaşı “olmaz” demişdi.
Son gün Məhmət qardaşı da gedəndən sonra məktəb lap kimsəsiz oldu. Onu avtobus dayanacağına qədər yola salıb, məktəbə qayıdarkən adamlar arasında tez-tez gözlərinin yaşını silmək məcburiyyətində qalmışdı.
Murad kimi tətildə evə getməyib qalanların sayı xeyli az idi. Yemək üçün bir neçə masa hazırlanmışdı. Yeməkdə hər kəs kədərini bir-birindən gizlədirdi. Daha çox xəyal gücləri danışırdı. Muradın gözlərindən rayonlarına uzanan yoldakı qarlı dağlar, bir də anasının üzü əskik olmurdu. Anası göndərdiyi məktubda “Yaxşıyam, dualarım səninlə” demişdi. Görəsən, eləydimi? Məktubu yazdırdığı da çox olmuşdu.
Qəmli ayaq səsləri yataqxanaya çıxırdı. Qurbətin ilk günlərindəki kimi özlərini tənha hiss edir, yatağa girən kimi yorğanı başlarına çəkirdilər.
* * *
Pakizə xanım mələk kimi bir insandı. Həmişə “balam”, “övladım” – deyərək bütün şagirdlərlə ana şəfqəti ilə davranırdı. Əllərini bir-birinə keçirib səssizcə sinifdə gəzişir, mövzuları hekayələrlə bəzəyərək izah edirdi.
Lövhədəki xəritəyə əl uzadanda baxışları saatına dəydi.
– Aa! Üç dəqiqə qalıb.
Kürsüyə çıxıb oturdu. Çantasından bir kağız çıxartdı və yumşaq baxışlarıyla sinfə nəzər yetirdikdən sonra:
– Sabah nədir, uşaqlar? – deyə soruşdu.
Qabaq sıralardan bir şagird səsləndi:
– Cümə, müəlliməm.
– Hər həftə cüməni yaşayırıq. Bunu heç soruşmuşammı?
Arxadan incə bir səs yüksəldi:
– Ramazan, müəlliməm.
Sinif birdən qışqırdı.
– Ramazan! Ramazan, müəlliməm!
Pakizə xanım əl işarəsiylə sinfi sakitləşdirdi.
– Direktor köməkçisi oruc tutanların adlarını yazmaq vəzifəsini bizə tapşırıb. Sayınıza görə sahur yeməyi olacaq. Siz hələ balacasınız, amma soruşmağı yenə də lazım bildim. Kim oruc tutacaqsa, əlin qaldırsın: nömrəsini və adını yazacam.
Bütün sinif birdən əlini qaldırdı; gülüb, sevinirdilər. Pakizə xanım gülümsəyərək sinfə baxdı.
– Əllərinizi aşağı salın. Siz hələ balacasız, oruc tutmağa məcbur deyilsiniz, amma həvəsinizi qırmamaq üçün soruşuram. Çətindir, gecə oyanacaqsız, dərsləriniz olduqca ağırdı. Bir ay dözə bilməzsiniz. Yaxşı-yaxşı fikirləşin. Mənim fikrimi bilmək istəyirsinizsə, məncə, tutmayın. Təkrar soruşuram, oruc tutanlar əlini qaldırsın.
Əllər havadaydı. Pakizə xanımın solğun bir ayı xatırladan üzündə illərin cizgiləri dərinləşdi.
– Heç olmasa, oruc tutmayanları yazım. Tutmayanlar qaldırsın əlini.
Əl qaldıran olmadı. Pakizə xanım ayağa qalxdı, kürsüdəki çantasını əlinə alıb sinfi ötəri süzdü.
– Ramazanınız mübarək olsun!
– Sağ ol.
Tənəffüsdə, yemək vaxtı “Ramazan” kəlməsi dillərdə gəzirdi. Şagirdlər bir-birlərindən “Tutacaqsan?” – deyə soruşur, Ramazanlarını təbrik edirdilər. Köhnə şagirdlər məktəbdə keçirilən Ramazanlardan danışır, yenilər də dinləyirdilər.
* * *
Kiçik bir tıqqıltı Muradın oyanmasına bəs etmişdi. Yanındakı yatağın boş olduğunu gördü. Tələsik geyinəndə ürəyinə sevinc doldu.
Gündüzün canlılığı yeməkxanada yox idi; kimi gəlir, kimi gedirdi. Paltosuna bürünən Məhmət qapıdan girdi: saçları dağınıqdı, üzündə yuxu izləri vardı.
– Murad, sən də qalxmısan?
– Allahın izni ilə tutacam, qardaş.
– Hələ balacasan axı, sənə çətin olar. Dərslərini axsatmaz ki?
– Tutmaq istəyirəm. Dərslərimlə daha çox məşğul olaram. Allah da köməyim olar.
– Özün bilərsən.
Gözlərini yumub açmasıyla səhər oldu. Mədəsində yüngül turşuluq hiss edirdi, dodaqları qurumuşdu.
Gözlərini tavanda gəzdirərək oruc olduğunu düşünüb gülümsədi. Dodaqlarını dili ilə islatdı. Qalxandasa imsaqdakı sevinci hiss edirdi daxilində.
Vaxt keçmək bilmirdi; altı saatlıq dərs sona çatmış, Murad da yorulmuşdu.
Şagirdlər dəhlizdə qruplaşaraq gəzir, Ramazandan danışırdılar. Dərslərin yorğunluğu və orucun əzginliyi hərəkətlərini soldurmuşdu. Məhmət yoldaşlarına bir mənalı dərdini danışarkən, Murad da canı-qəlbdən dinləyirdi.
– Hanı əvvəlki Ramazanlar?! Milyonlarla kilometrləri aşan vətənimiz başqa bir aləmə girir, adətən gəlinlik duyğuları ilə bəzənirmiş! İnsanlar bir-birinə qarşı daha səmimi davranır, Allah rizasını qazana bilmək üçün cəmiyyətdəki mövqeyindən asılı olmayaraq dəstək olurlarmış. Hələ o iftar süfrələri… On bir ayın qənaəti açılır, süfrələr böyüyür, fağır-füqəra da varlılarla eyni süfrədə oturur, eyni çörəyi paylaşmağın, həyatı bölüşməyin ləzzəti hiss olunurmuş. Çox rahatlıqla Ramazan keçirirlərmiş. Hər şeyilə bizimmiş. İyirminci yüzilliyin seli onu silib-süpürüb. Müasirləşmədik, zəmanənin gətirdiklərini özümüzü qoruyaraq almadıq. Böyük pisliklər, bəlkə, kəndlərə qədər uzanmadı, amma böyük şəhərlərimiz qarışıq bir hal aldı. Fatihin yüksək minarələrindən mahyalar1 xalqa nəsə söyləyirmiş kimi alışıb yanarkən, şəhərimizin bəzi hissələri baraban səsləri ilə addımlamaqdadır. Bu ayrılığı evlərdə belə, görmək mümkündür. Alt mərtəbə iftarın, üst mərtəbə isə bala getməyin təlaşındadır. Qayğısız iftar açanlarımız da az deyil. Kasıbın iztirabını varlılarımızın yanlız bəziləri hiss edir.
Hava qaralırdı; pilləkəndə, salonda böyük qələbəlik hökm sürürdü. Məhmət saatına baxdı, “vaxtdır” – deyərək əliylə işarə etdi. Pilləkəndən enəndə ruhları oxşayan bir azan səsi gəlirdi.
* * *
Çarpayı sirkələnəndə üzündə bir tərpəniş göründü və silindi. Sarsıntı təkrarlananda gözlərini açdı; ayaq ucunda Məhmət qardaşı oturmuşdu.
– Namaza gedirəm, gəlmirsən?
Yatağından dik atıldı, şkafını açdı, paltarlarının altından ən yeni köynəyini çıxarıb geyindi.
Böyük şəhər məzar səssizliyinə bürünmüşdü. Məktəbin qapısından çıxan ayaq səsləri müxtəlif yönlərə gedirdi.
Məhmətlə Murad döngəyə çatanda bir qapı cırıldadı. İşıq altında iki kölgə səkiyə düşdü. Hicablı bir qadın ərini və altı-yeddi yaşlı oğlunu yola salırdı. Atasının əlindən tutan uşaq sevinclə tullanırdı.
Dar küçələrdən keçirdilər. Küçənin hər iki yanındakı məhəccərli pəncərələr, qəfəsli eyvanlar az qala bir-birinə dəyəcəkdi. Sanki bir-birinin üstünə söykənirmiş kimi sıralanmış evlər dinc sükuta qərq olmuşdu.
Baş küçəyə çıxanda ilk “Allahu əkbər” səsi qaranlığa doğru yayılmağa başladı və bu, sanki bir çağırışdı. Şəhərin müxtəlif yerlərində, məscidlərdə, sultan məscidlərində azanlar oxunmağa başladı. Bunlara davudi bir səs qarışdı; həssas, duyğulu olan bu səs qəlblərə işləyirdi. Məhmət dayananda, Murad da ayaq saxladı. Davudi səs arxa səmtlərdən yenə də yüksəlirdi.
– Bilal Həbəşi kimi.
– Bilal Həbəşi kimdir, qardaş?
– Peyğəmbərimizin müəzzini. Səsi çox gözəlmiş.
Məsciddə Məhmətlə Murad ancaq qapının yanında yer tapdılar. İçəriyə axirət ab-hava hakimdi. Həzin “Quran” səsi başqa aləmdən gəlirdi.
Məscidin saxsıları parlamağa başladı. Bayram namazının vaxtı çatmışdı. Təkbirlə əllər bağlandı. İnsanlar səf olmuşdu; zəngin-kasıb, rəislər, məmurlar cərgələrdə yoxa çıxmışdı. Bəşəriyyətin başını yeyən fərqlənmə, ayırıcılıq burda sona çatmışdı. Mütləq bərabərlik vardı. Əllər açıldı, ürəklərdən qopub gələn “Amin” səsləri məscidin divarlarında əks-səda verərkən ruhları çırpınırdı.
Həyətdə dostlar, tanışlar, küsülülər bayramlaşırdı. Murad ayaqqabılarının dabanına basaraq bir kənara çəkildi. Məhmət qardaşı görünmürdü. Duyğunlanmağa başladı. Bayram səhəri idi, görəsən, anası indi nə edirdi?! Hər bayram səhəri atasının məzarına birlikdə gedərdilər. İndi anası təkdi. Göz yaşları parıldamağa başladı. Bulanıq bir şəkildə izdihamın arasında Məhmət qardaşını gördü. Arxaya çevrildi; cibindən çıxardığı dəsmalla gözlərini sildi, burnunu çəkdi. Təkrar geriyə qayıdanda Məhmət qardaşı gülərək ona doğru gəlirdi. Göz yaşlarını Məhmət görmüşdü, ancaq özünü görməzliyə vurdu. Murad əlini öpmək üçün əyildi.
– Neçə belə bayramlar görək! – deyərək Məhmət gözlərindən öpdü.
Şagirdlər sevinmək, Allahın bayram etdiyi bu günü layiqincə yaşamaq istəyirdilər. Təəssüf ki, sanki həmin gün qürbət həsrəti bayram günlərində duyğularını doldururdu. Analarını, bacılarını xatırlayıb ah çəkənlər, bəzən gizli-gizli gözlərini silənlər də vardı.
Yuxarı sinif şagirdləri də eyni hisləri bölüşürdülər, amma onlar böyük qardaş idilər. Məsuliyyətləri vardı. Qürbət hislərinə baxmayaraq, bayramı keçirtmək məcburiyyətdə idilər. Zaman irəlilədikcə, bir-biri ilə bayramlaşarkən qəlblərindəki qürbətdən xilas olub, fərəhli duyğulara, hislərə qapılırdılar.
Bayram yeməkxanada də hiss olunurdu, yeməklər çeşidlənmişdi, ardına aşura də əlavə olunmuşdu. Yeməkdə Məhmət bir təklif etdi:
– Məhmət Akifin məzarını ziyarət edəkmi?
Masadakılar razılıqlarını bildirdilər. Yemək bitəndə Erol ayağa qalxıb qışqırdı:
– Məhmət Akifin qəbrini ziyarətə gedirik. Gəlmək istəyənlər çöl qapının qarşısında toplaşsınlar.
Kifayət qədər böyük bir kütlə çöl qapıda yığışdı. Arxa yoldan getməyə başladılar. Yolboyu köhnə bayramlardan, məmləkətin, İslam aləminin, bəşəriyyətin dərdlərindən danışırdılar.
Dəmir qapının qarşısında dayandılar, üzləri qəbiristanlığa tərəf idi. İnsana hər zaman çox təsir edən qaraçöhrə ağacları bu mövsümdə onlara bir başqa cür görünürdü; axirət, sanki onların ardında idi. Məhmət “Fatihə” verdi. Əllərini açdılar, dodaqları qımıldanmağa başladı.
Məhmət Akifin qəbrinə gəldilər. Üstü torpaqlandığından çətin ayırd edilirdi. Depressiyadan depressiyaya düşən millətinin fəryadlarını əbədiləşdirmiş, İslamı zireh kimi libasda, əziyyətlərə, yoxsulluqlara sinə gərmiş, hər şeyini millətinə vermiş böyük şairə göstərilən etinasızlıq gənc ürəkləri sızlatdı. Bir müddət kədərli baxışlarını ətrafda gəzdirdilər. Məhmət “Bismillah” deyib, “Yasin” oxumağa başladı. Ruhu sakitləşdirən səsi küləyə qarışırdı.
Qəbiristanlıqdan çıxanda Erol deyinməyə başladı:
– Xristianların bir keşişə verdiyi əhəmiyyət qədər biz milli şairimizə dəyər vermirik. Məhmət də durub üstünlüyümüzdən bəhs edir.
Məhmət ona mənalı-mənalı baxınca, Erol davam etdi:
– Hirslənmə, Məhmət, hirslənmə. Bəlkə də, böyüyük, amma kartof kimiyik, dəyərlərimiz torpaq altındadır.
* * *
Bayramın ikinci günündə müəllimlərin məktəbdə toplanıb əvvəlcə öz aralarında, sonra da şagirdlərlə bayramlaşmaları ənənəvi hal almışdı. Onlar günortadan sonra müəllimlər otağına toplanıb, bir-birinin bayramını təbrik etdilər və qarşılıqlı xoşbəxtliklər dilədikdən sonra yerlərinə keçdilər.
Qapı döyüldü və içəriyə bir qrup tələbə girdi. Gələcək siniflərin şagirdləri qabaqda dayanmışdılar. İllərdir bayramlaşdıqları üçün haradan başlayacaqlarını, necə hərəkət edəcəklərini bilirdilər. Hörmətlə direktorun əlini öpüb davam etdilər.
Murad həyəcanlıydı; məktəb direktorunu uzaqdan görmüşdü. Dərslərinə gəlməyən müəllim özünü yad hiss edir, onlara necə davranacağını bilmirdi. Məhmət qardaşından heç ayrılmırdı. O nə edirsə, təkrar etməli idi.
Növbə onlara gəlib çatmışdı. Qarşıdan Məhmət, arxadan Murad və onların qrupu içəri girdi. Məhmət hörmətlə direktorun qabağında əyildi, əlini öpdü, digər müəllimlərə üz tutdu. Murad həyəcanlıydı, hələ direktorun əlini tutmadan əyildi. Təlaşı və səyi direktoru da güldürdü. Əlini öpəndən sonra direktor onu buraxmadı.
– Adın nədir, övladım?
– Muraddır, əfəndim.
– Hansı sinifdənsən?
– 1B-dəyəm.
– Afərin, Murad, neçə bayramlar görəsən!
* * *
Murad bağa çıxanda siniflər sıralarını tamamlayırdılar. Qaça-qaça sinfinin arxasında dayandı. Direktor müavini pilləkəndə görünəndə izdiham dayandı.
– Bundan sonra beş-yeddi dərsi yoxdur. Uzaq yerlərdən olan şagirdlərdən kim istəsə, sabah səhərdən etibarən icazə veriləcək. Nuş olsun!
Şagirdlər sevinc çığırışları ilə yeməkxanaya doldular. Hər kəs bir başqasına necə və nə vaxt gedəcəyini izah etməyə çalışırdı. Məhmət qardaşı ona tərəf çevrildi.
– Sabah səhər getmək istəyirsən?
– İstəyirəm, qardaş.
– Anana hədiyyə aparacaqsan? Pulun varmı?
Murad hədiyyə haqqında heç düşünməmişdi. Yaxşı ki, Məhmət qardaşı soruşdu. Qürbətdən gələnlər analarına bir şey gətirmirlərmi? Duruşu, baxışı Məhmətə təsir etmişdi.
– Pulun yoxdur, deyəsən? Məndə var. Böyüyəndə qaytararsan.
“Qaytararsan” sözü Məhmətin ağzından gülümsəyərək çıxmışdı.
– Var, qardaş, – dedi və qıpqırmızı oldu.
Anasının iç cibinə qoyduğu pulu ona da deməmişdi. Çox sevdiyi Məhmət qardaşından sirri olmamalıydı. Anası “Heç kəsə demə” – deyə tənbeh etmişdi. Lakin Məhmət qardaşı “kimsə”lərdən deyildi axı…
Pilləkənlə çıxarkən söz demək istədiyini Məhmət sezmişdi. Murad ilk sinfin qapısında dayandı.
– Murad, niyə dayandın?
– Bıçağın var, elə deyilmi?
– Var.
– Bu sinfə daxil olaq.
Girdikləri sinif boş idi. Murad qapını örtdü. Köynəyini çıxararkən Məhmət nə etdiyini bilmək üçün ona baxırdı. Pencəyinin iç cibini çevirdi; sıx yamaq çirkli bir dil kimi sallanırdı.
– Yamağı sökək.
– Orda nə var?
– Anam tikmişdi, sökək.
Məhmət yamağı diqqətlə açıb Murada uzatdı. Murad cəld açanda içindən qırışıq bir əlli lirə çıxdı. Həyəcanla pula və gülən Məhmət qardaşına baxır, utandığı da bəlli olurdu.
– Anam tikmişdi, qardaş.
Məhmət onu sakitləşdirmək üçün:
– Əlbəttə, analar övladlarını fikirləşirlər, – dedi. – Bunları unutma, böyüyəndə anana yaxşı bax. Bu günə qədər pullarını boş yerə xərcləməmisən. Əhsən sənə. Pulu cibinə qoy, pencəyini geyin, gedək.
Bazara çıxdılar. Bir donluq pambıq parça, iki qara baş yaylığı götürüb qayıtdılar.
Murad paketi Məhmət qardaşına verdi. Qapını vurub içəri girəndə direktor müavini qarşısındakı sənəddən başını qaldırdı.
– Təpəköylü Murad, gəl, görək.
Muradı sevirdi; bir kölgə kimi məktəbin astanasından sivişib, çalışqan şagirdlər arasında yerini almışdı. Murad masanın qarşısına keçib dayandı. Üzü rəngdən-rəngə düşürdü.
– İcazə istəyirsən?
– …
Tərpənən dodaqlarından bir kəlmə çıxmamasına baxmayaraq, direktor müavini istədiyini anladı.
– Sabah səhər gedərsən.
Muradın dodaqları yenə də tərpəndi və dayandı. Başını sinəsinə əydi. Direktor müavini gülməyə başladı.
– Yoxsa qiymətlərini öyrənmək istəyirsən?
Bu dəfə Muradın dodaqları arasından sözlər güclə çıxdı.
– Bəli, əfəndim.
– Qiymət cədvəlin hələ yazılmayıb. Məktəb bağlanacağı gün verəcəyik. Amma sənə deyim; həm sinfini keçdin, həm də tərifnaməyə layiq görüldün. Gündəliyini Məhmət qardaşına verərik, sənə göndərər.
Sevinclə direktor müavininin əlini öpdü. Geri – qapıya doğru getdi, azacıq əyilərək bayıra çıxdı. Qapını çəkməsilə yerindən atılması bir oldu. Şüşənin qarşısında duran Məhmət qardaşına tərəf qaçdı.
– Tərifnamə aldım, qardaş.
Məhmət də sevincinə qoşuldu, başını sığalladı.
– İnşallah, növbəti illərdə də eyni uğuru göstərərsən. Paketi dolaba qoyaq. Axşam çamadanını hazırlayaq. Səhər səni yola salarıq.
* * *
Eşşək qaranlıqda Muradın varlığını hiss edəndə qulaqlarını şəklədi. Molla İbrahim də orada bir insanın olduğunu hiss etdi.
– Salam-əleyküm.
– Əleykəs-salam, İbrahim əmi.
Bir uşaq səsi eşidildi; “İbrahim Əmi” sözündən yad olmadığını anladı.
– Tanımadım, övlad, gecə vaxtı.
– Fadimə bacının Muradıyam.
– Ah, Murad, xoş gəldin. Qocalıq, qaranlıqda gözüm seçmir. Tək gəlmisən?
– Təkcə gəldim.
Murad Molla İbrahimin əlini öpdü.
– Sağ olasan, övladım. Əlindəkiləri at eşşəyin üstünə.
Muradın torbasını eşşəyin – yüklü kisələrin üstünə qoydu. Eşşəyə bir dəyənək vurdu; quru yolda taqqıltı başladı.
– İstanbulda nə var, nə yox?
– Nə olsun, İbrahim əmi? Bildiyin kimi.
– Ah, oğlum, biz nə bilək? Dünyadan hərbçi və jandarmlardan başqa kimsəni tanımırıq. Cahillik çətin şeydir. Qırx ilin başında şəhərə gedirik, əfəndinin birindən bir-iki söz eşidirik. Bizim də taleyimiz bu imiş. Sinfini keçdinmi?
– Keçdim, İbrahim əmi.
– Afərin, oğul. Anan, kim bilir, nə qədər sevinəcək! Ananı unutma, oğlum. Sən gedəndən tamamilə tək qalıb. Dul bağrına qara daş basıb. Bir dəfə məktubunu müəllimə oxudarkən rast gəlmişdim, nə qədər sevinirdi.
– Kənddə nə var, nə yox, İbrahim əmi?
– Necə qoyub getmisən, elə. Kənd yeridir, nə dəyişəcək ki? Kəndlərdə ölüm və ya doğum olur. Sən gedəndən bəri, Allaha şükür ki, heç kim ölməyib. Muxtarın Kezbanı ərə getdi.
Molla İbrahim qəbiristanlığın qarşısına gələndə dönərək əllərini açdı. Murad da “Fatihə” oxumağa başladı.
Molla İbrahim əllərini üzünə çəkərək:
– Oğlum, atan çox yaxşı insan idi, – deyə sözə başladı. – Heç kimə pisliyi keçməmişdi. Çörəkli adamdı. İbadəti əskik olmazdı. Son nəfəsində səni, bəlkə də, hamımızı düşünərək oxutmağı vəsiyyət edib. Allah mükafatsız buraxmaz, oğlum. Getdiyiniz səhərin gecəsi qəbiristanlıqdakı söyüdün dibində bir top alov görmüşdüm. Allah bilir, bəlkə də, atanın məzarına nur enmişdi.
Eşşək qapıya yaxınlaşanda anqırdı. Molla İbrahim qışqırdı.
– Osman, eşşəyi Fadimə bacının qapısına sür, Muradın əşyasını qoy, geri dön.
Həyətdən çıxan Molla İbrahimin nəvəsi Osman, Muradla yaşıddı. İbtidai sinifdə də bir oxumuşdular, bir yerdə də heyvan otarardılar. Murada yaxınlaşanda həyəcanlandı. Nəsə demək istəyirdi, amma:
– Xoş gəldin, – dedi.
Yerdən götürdüyü çubuğu eşşəyin kürəyinə sürətlə vurdu. Osman xəcalətindən eşşəyin dalınca qaçır, çatanda yenidən dəyənəyi vururdu. Murad evinə yaxınlaşanda əsasını havada yelləyərək çığırdı.
– Fadimə bacı, Murad gəldi.
Çölə çıxan Fadimə bacının gözlərindən bir neçə damla yaş axdı. Həyəcanlanmışdı: çaşdığından nə edəcəyini bilmirdi. Murad qaça-qaça anasının boynunu qucaqladı. Qaranlıqda Muradının yanaqlarından rahat öpürdü.
Yeməyi Murad çətinliklə bitirdi. Tezliklə hədiyyələrini anasına vermək istəyirdi. Çamadanını açıb, donluğu, qara yaylıqları anasına uzadarkən ayrı bir duyğu onu bürümüşdü. Fadimə bacı Muradın verdiklərinə dolu gözlərlə baxdı, sanki ürəyində bir ildırım çaxdı.
– Rəbbim sənə ən gözəl günləri nəsib etsin, oğlum! – dedi və otağa keçdi. Sandığa qoyarkən göz yaşını saxlaya bilmədi.
* * *
Məktəbin qarşısından keçərkən divarın dibində müəllimi üzünü yuyurdu. Ona görünmədən uzaqlaşmaq istədi, amma müəllimi onu görmüşdü.
– Ooo, Murad, gəl, görək.
Həyəcanlandı: nə deyəcəyini, necə davranacağını bilmədi. Müəllim üzünü, əllərini tələsik silərək dəsmalı çiyninə atdıqdan sonra, əlini Murada uzatdı.
– Xoş gəldin, oğul.
Murad əlini öpərkən müəllim digər əli ilə saçlarını sığalladı.
– Ömrün uzun olsun, Murad. Müəllimliyin nə qədər uca bir dəyər olduğunu indi daha yaxşı dərk edirəm. Sinfini keçdiyini Molla İbrahim dedi, çox məmnun oldum. Kim bilir, anan nə qədər sevinib! Qürbətin birinci ili əziyyətlidir. Hər səviyyədəki məktəbin ilk sinfi çətindir. Bu əziyyətə və çətinliyə baxmayaraq sinfini keçmisənsə, deməli, yolu tutmusan. Sənə bir şey demək lazım deyil, çünki sən məsuliyyətli oğlansan. İnşallah, kəndimizdən də insanlığa faydalı bir adam çıxar. İstanbul necədir, gözəldirmi?
Muradın həyəcanı azalmışdı.
– Gözəldir, əfəndim.
– Məktəbinizdən, müəllimlərinizdən razısanmı?
– Məmnunam, əfəndim.
Məktəbinizin maddiyyat və mənəviyyatın birləşməsi üzərində qurulduğunu güman edirəm. Əslində, bizdə maddiyyat və mənəviyyat ayrılmır. Amma təcrübəsinə əsaslandığımız ölkələrdə keçirildiyi üçün, eyni təsnifatdan biz də istifadə edirik. İnşallah, bizim intibahımız da oralardan yaranar. Əslində, sevilməyən məktəb, sayılmayan müəllim yoxdur. Müxtəlif xarakterdə müəllimlər var. Amma inan ki, bütün müəllimlərin idealı yaxşı tələbə yetişdirməkdir.
* * *
Günəş vurmasın deyə, Murad da digər uşaqlar kimi başına xeyli böyük bir dəsmal örtmüşdü. Kotanın üstündə bardaş qurub, öküzləri sürürdü. Əlləri yanmış, buğda saplarının sürtünməsindən bəzi yerləri soyulmuşdu. Camışlara o qədər də qıymırdı: hələ balacaydılar, işləri də çox idi. Xırmandan sonra növbə oduna gələcəkdi.
Fadimə bacı xırmana gələndə günorta olmuşdu, hava çox istiydi.
– Kifayətdir, dincələk.
Murad kotandan düşdü, camışı xırmanın kənarına sürüb boyunduruqdan çıxardı. Qabaqlarına quru yonca atdı.
Fadimə bacı boğçasını kölgədə açdı, ana-oğul “Bismillah”la yeməyə başladılar. Ətrafdakı xırmanlardan səslər gəlirdi. Fadimə bacı gözucu Murada baxdı: üzündən tər damcıları süzülürdü.
– Sən də yorulursan. Nə edək, oğlum, bu, bizim alın yazımızdır. Yaradanımıza həmd olsun, bu həyatı O, bizə verdi. O, necə istəsə, elə olar. Yay gələndə əkin-biçin, odunla məşğul oluruq, qışda da qar alır hər tərəfi. Ah, oğlum, sayılı günlər nə tez keçir?! Günlər insana uzun gəlir, amma keçənlər unudulur. Allah imandan, “Quran”dan ayırmasın. Qocalıram: payız yağışları ürəyə yüngül ölüm qorxusu doldurur.
– Ana, namazını qılır, orucunu tutur, Allahın əmrlərini əlindən gəldiyi qədər yerinə yetirməyə çalışırsan. Ölümdən niyə qorxursan?
– Ölümdən o qədər də qorxmuram. Yaradan yaradarkən bizdən necə soruşmayıbsa, ölümü də soruşmayacaq. Bu dünyadan məmnun olduğumuz kimi, bəlkə də, ölümümüzdən daha çox məmnun olacağıq. Ancaq…
Hicabının ucları ilə tərini silmək bəhanəsi ilə gözlərinin yaşını da quruladı.
– Ancaq?
– Utanmaq var, oğlum! Allah günahkar qullarının arasına salmasın, etməsin. Atan qarşılayanda, başımı aşağı əyməkdən qorxuram.
Fadimə bacı yaylığının uclarını yenidən əlinə aldı.
* * *
Payızın sərin küləkləri Muradın ürəyinə kədər salırdı. Anasından, kəndindən ayrılacaqdı. Bir daha səkkiz ayı necə keçirib, bura qayıdacaqdı? Bu dağların, fəryad atdığı bağçaların həsrətinə uzun müddət necə dözəcəkdi? Məhmət qardaşı da artıq yoxdu, uğurlu tələbədi, mütləq məzun olmuşdu. İşi bu il daha çətin idi.
Vəziyyəti məktəbin həyətində dayanan müəllimin diqqətini çəkdi. O da internatda oxuduğu üçün qürbətin nə olduğunu bilirdi; hələ ilk günlər çəkiləcək hislər deyildi.
– Murad!
Başını qaldıranda sevgi və mərhəmət dolu baxışları ilə müəllimi onu süzürdü. Murad ona doğru yeridi.
– Balam, görürəm ki, kədərlisən. Haqqın var, asan deyil. Lakin bir il əvvəl buradan gedən Muradla buraya qayıdan Muradın bir olmadığını düşün. Yaxşı, nəcib nələrəsə malik olmaq çətindir. İnşallah, gələn il daha bilikli olaraq dönəcəksən. Keçən il necə keçdi? Görəcəksən, bu il daha tez keçəcək.
Sinifdə, dəhlizlərdə, künc-bucaqda, sanki ötən ilin günlərini görürdü. Hər səsdə Məhmət qardaşını axtarırdı. Məhz burada, yağışlı bir gündə uzun-uzun dərdləşmişdilər. Bu oturacağın ucunda oturublar, Məhmət qardaşı gələcəyə dair nə gözəl sözlər söyləmişdi.
Kədərini unutmaq üçün dəhlizdə qaçır, bağa çıxıb sentyabrın doğma işıqları ilə qucaqlaşır, ötən ilin ilk günündə qibtə etdiyi həyatı yaşamaq istəyirdi. Bəzən uğurunun, bəzən kədərinin əsiri olurdu.
Zəng vuruldu. Direktorun çıxışı yenə əsaslı və həyəcanlı idi. Direktor müavininin işarəsi ilə şagirdlər məktəbə girməyə başlayanda dəhlizi səs-küy bürüdü, amma qısa bir müddət sonra səslər siniflərə çəkildi.
Həmin günlərin, eyni əzabların içindən gələn Emin müəllim sinfə girdi. Bir az arıqlamış, sanki üzü azacıq uzanmışdı. Kürsüyə oturdu; baxışlarını sinifdə gəzdirərək gülümsədi.
– Uşaqlar, siz bura alışacaqsınız, şübhənizin, qorxunuzun ömrü azdır, demişdimmi? Bir il əvvəl sinfə girəndə hamınız ürkək idiniz, sanki sıraya yerləşmirdiniz. Hanı o ürkək hərəkətləriniz? Bu il heç bir şey anlamadan, ötən ildən daha tez keçəcək. İllər bir-birinin ardınca elə düzüləcək ki, bir-biri ilə qarışdıraraq xatirələrin hansı illərə aid olduğuna şübhə edəcəksiniz. Bir də görəcəksiniz ki, son sinifdəsiniz. Yetər ki, oxuyun, dərslik kitabları ilə kifayətlənməyin, oxuyun. Dost, düşmən demədən oxuyun. Gələcəyin Türkiyəsi bilikli insanların ölkəsi olacaq. Onların təqaüdləri yüksələcək, tərləri millətimizin əsrlər boyu yaşamasını təmin edəcəkdir. İmansızlığı elm düşünən ağılsızlar, elmə gözlərini yummuş mövhumat silinib gedəcək. Müqəddəs kitabımızın müxtəlif ayələrində, Həzrəti Peyğəmbər müxtəlif hədislərində elm əmr edir. Tariximizdə elmi qadağan edən Qərbdəki inkvizisiyaya bənzər məhkəmələr görülmədiyi kimi, heç bir din və mədəniyyətdə bəyənilmədiyi qədər, bizdə elm bəyənilir.
Emin müəllim düz deyirmiş. Günlərin necə keçdiyi bilinmirdi. Dərs, etüd, yemək, yataqxana deyərkən, gün gecəyə qovuşurdu.
Dərslərini oxuyur, tapşırıqlarını yerinə yetirir, xoşbəxt bir yorğunluqla özünü yuxunun qollarına buraxırdı. Səhər böyük bir arzu ilə qalxır, yeddi-səkkiz etüd öyrəndiklərinə göz atır, könül rahatlığı ilə dərsə girir, dərsi xüsusi qəddarlıqla uzadan qorxunu tanımırdı.
Şənbə, bazar, digər istirahət günlərində müəllimlərinin tövsiyə etdiyi kitabları, jurnalları oxuyurdu. Emin müəllim nə demişdi? Sabahkı Türkiyə bilikli, imanlı insanların əməkləri ilə yüksəlməyəcəkdimi?
Bazar günüdür, tək-tük ayaq səslərindən başqa, məktəbdə hərəkət yox idi. İçində oyanan tənhalıqla baş etmirdi. Bayırda qiyamət qoparan külək, yağışın ilk damcıları pəncərə şüşələrinə vurduqca tənhalığı da artırdı. Açdığı kitabın ilk sətrində ilişib qaldı. Anası gözünün qabağından getmirdi. İndi nə edirdi? Dolanışığı necəydi? Ona verdiyi xərclikdən əlavə özünə bir şey qalırdımı?! Üç həftədir məktub yazmadığını xatırladı, lakin ayrılarkən anasının “tez-tez yaz, məni nigaran qoyma” sözləri qulaqlarında səslənirdi. Dəftərindən bir vərəq qoparıb “Anacan!” deyə yazmağa başladı. Çətinlik çəkmədən cümlələri bir-birinin ardınca düzdü. Müəlliminə, qonum-qonşuya salam yazdıqdan sonra, “Duanı əskik etmə” cümləsi ilə bitirdi. Zərfə qoyarkən eyni sinifdə anasına məktub yazmağa çalışdığı zaman ağladığını, Məhmət qardaşının köməyi ilə yazdığını xatırladı. Zərfin üstünü yazacağı anda qapı açıldı. Məhmət qardaşının başı içəri uzandı.
– Murad.
– Məhmət qardaş! – deyib yerindən sıçradı və boynunu qucaqladı.
– Məktub yazdın?
– Bəli, qardaş.
– Birlikdə göndərək?
Baxışlarından hər ikisinin eyni vaxtda bir il əvvəlki günü xatırladıqları məlum olurdu. Murad gülümsədi, üzündə çəhrayıya çalan rəng görünüb yox oldu.
– Necəsən?
– Yaxşıyam, qardaş.
– Dərslərinin də yaxşı olduğunu təxmin edirəm.
– Yaxşıdı, qardaş.
– Ən yüksək qiymətini soruşmuram. Ən aşağı qiymətin neçədir?
– Ötən gün fizikadan yeddi aldım.
– Necədir, məktəbimizi evin kimi hiss elədin?
– Hiss edirəm, qardaş. Amma sənin yoxluğun mənə ağır gəlir.
– Bilirsən, İslam İnstitutu bura uzaqdı. Həftə sonları da işim çıxır. Üzrlü say, tez-tez gələ bilmirəm.
– Yox, qardaş, imkan tapdıqca gəlirsən də…
* * *
Təpəköyün isti və soyuğunun qovurduğu Murad yox olub, İmam-Xətib məktəbinin havasında cücərən Murad ortaya çıxarmışdı. Gündəlik həyatının parçası halına gələn nöqtəli qara qalstukunu bağladıqdan sonra, ağ köynəyinin yaxalığını düzəldir, üzərində qutu kimi oturan ləkəsiz, hər gün ütülədiyi qara paltarını geyinirdi. Hamar, ipək kimi, sözə baxmayan saçları Muradın alnını kiçildir, sükunətlə uzanan burnu sifətinə ciddilik verirdi.
Ağırbaşlı, ölçülü, gülərüzlüydü. Sanki hər kəsin qəlbinə işıq salan bir sevgi mənbəyi idi. Kiçik və həmyaşıdlarından hörmət, böyüklərdən ehtiram görürdü.
Məktəbinin bütün xüsusiyyətlərini – günün necə başlayıb, necə bitdiyini yaxşı bilirdi. Hətta təhsilinin ilk günündən son gününə qədərki müddətdə özü planlamış kimi çox şeyə hakim olurdu. İlk həftənin başlanğıcı, ilk utancaqlığın yox olması və sonrakı ayların aşılması…
Şənbə günləri çantasını qoltuğuna vurur, kitab dükanlarının yolunu tutaraq, vitrinlərin qarşısında saatlarla vaxt keçirirdi. Alnına tökülən saçlarının altında qalan baxışlarını kitablarda gəzdirirdi. Ani həzdən nə çıxardı? Anın həzzinə çatmaq üçün didinmək, ömrü bu yolda sərf etmək necə də kədərlidi! Bəzilərinin bəhs etdiyi anlayışlar kütlələr üçün deyildi. Qəzanı, Mövlanəni, Yunisi, Dekartı əsrlərdən çıxarsaq, qaranlıq səs-küydən başqa bir şey qalmaz.
Anasının göndərdiyi pulları uzun müddət düşündükdən sonra xərclədi. Onun üçün hər qəpiyin əhəmiyyəti vardı, çünki necə qazanıldığını bilirdi.
Siniflərdən, dəhlizlərdən, yataqxanadan xatirələr axırdı. Uşaqlığının fəryadları, hönkürtülü göz yaşları, beyninə sızan ilk işıqların izləri oralarda canlıydı. Sanki dəhlizlərdə hər an qəhqəhələri əks-səda verir, lal divarların sinəsində hıçqırıqları ah çəkirdi. Hara baxsa, ötən günlərlə göz-gözə gəlir, hara addım atsa, doğma işıqlar, sanki ruhunu didişdirirdi.
Günlər, hətta illər nə tez keçdi. Hələ dünən məktəbin həyətində titrək bir kölgə kimi idi; ürəyi şübhələrin pəncəsində sıxılırdı. Əlini uzatsa, o günü, o halını, qayğılarını tutacaqdı. Dırnaqları ilə basanda büzərək şişirtdiyi yanağındakı hərarət artır, sızanağı oyaraq güzgüdə sifətinə baxırdı.
– Xeyir ola, Murad? Səni ilk dəfədir güzgünün qarşısında görürəm.
Diksindi, ləkəni gülümsəyərək örtməyə çalışdı.
– Bir tük qıvrılıb, batıb, onu çıxarıram.
– Heç də elə görünmür, – deyən Seyid də gülümsədi.
Muradın sözlərinə inanmışdı, amma inanmamış kimi davranaraq ona ilişməyə davam etdi:
– Yaraşıqlı kişisən. Qızlar səni qapmırmı?
– Nə deyirsən?
– Ciddi deyirəm. Güzgüdə özünü görüb başqaları ilə müqayisə etsənə.
– Seyid, belə kobud zarafatların yeri deyil.
– Neçə gündən bir təraş olursan?
– Bilmirəm. Vaxtı gələndə, deyəsən.
Sabun kifayət qədər köpüklənmirdi; su soyuq, saqqalı seyrəkdi.
* * *
İmtahan hazırlığında Murad tək deyildi. Bəziləri paltarını ütüləyir, kimisi başını kitabdan qaldırmırdı.
İlk imtahan idi. Üç müəllimlə direktor sinfə girdi. Direktor kürsüyə gedərkən digərləri sinfin müxtəlif yerlərində əyləşdilər.
Direktor tribunada dayanıb baxdı: hamı tək-tək oturmuşdu, bir-birinin boyunlarını görürdülər. Hamının həyəcanlı olmasına baxmayaraq, sanki sinifdə nəfəs alınıb-verilmirdi. Tribunadan düşüb lövhənin yanına gəldi.
– İmtahan bu dəqiqədən etibarən başladı. Bir-birinizdən qələm, pozan almaq olmaz: heç bir pıçıltı eşitmək istəmirəm. Yazacağım cümlə çox aydın cümlədir.
Oxunaqlı hərflərlə lövhəyə bu cümləni yazdı: “Özlərini adam etməyənlər, başqalarının adamı olmağa məhkumdurlar”. Sinfə tərəf çevrildi.
– Ən arxadakı şagird, xahiş edirəm, ayağa qalxın və yazdığımı oxuyun.
Şagird ayağa qalxıb ucadan oxudu.
– Təşəkkür edirəm! Buyurun, oturun, hamınıza uğurlar arzulayıram.
Murad lövhədəki cümlənin mənasına haqq verirmiş kimi başını yellədi. Bir neçə dəqiqə “Haradan başlamalıyam?” – deyə düşündü. Beynində layihə formalaşdırmaqda gecikmədi. Bu cümlə fərd və cəmiyyətlər üçün də doğruydu.
* * *
İmtahanlar bir-birinin ardınca düzülmüşdü. Murad həyəcanını itirmiş, təbii həyatına qovuşmuşdu. Səhərin erkən saatlarında qalxır, imtahanına girəcəyi dərsin kitabının başlıqlarına göz atıb, mövzuları beynində canlandıraraq səhifələri çevirirdi.
Tarix imtahanı iyunun ortalarındaydı. Murad şifahi imtahanın keçirildiyi sinfə girəndə kobud davranışlarında ata sevgisi gizlənən tarix müəlliminin təbəssümü ilə qarşılaşdı.
– Murad, həyəcanlısan?
– Bir az, əfəndim.
Tarix müəlliminin uzatdığı torbadan sual kağızını çəkdikdən sonra düşünmək üçün qoyulan partaya oturdu. Seyid danışmağa başlamışdı. Murad sualları nəzərdən keçirib, birincisinin üzərində düşünməyə başladı. Danışacaqlarını beynində götür-qoy etdi; qısa məzmunu kağızına yazıb, digər sualların cavablarını da eyni şəkildə hazırladı.
Müəllimlərin qarşısında oturdu və kağızını masaya qoydu. Səsinin tonu qalınlaşmağa başlamışdı. Hecaların və hərflərin haqqını verərək danışır, sözlərində şübhəyə yer qoymurdu . Bir sualın cavabını tam bitirmədən tarix müəllimi:
– Digər suala keç, – deyirdi.
Son sualın cavabı olaraq hələ bir neçə cümlə demədən tarix müəllimi:
– Təşəkkür edirəm, Murad, – dedi.
– Davam edə bilərəm, əfəndim.
– Mənim üçün kifayətdir. Onsuz da bilirdin. Güman edirəm, dostlar da qane olub.
Digər müəllimlər “bəli” mənasında başlarını yelləyərkən baxışları ilə Muradı təbrik edirdilər. Tarix müəllimi:
– İnşallah, məktəb qurtarır, nə etməyi düşünürsən? – deyə soruşdu.
– Alınsa, İnstituta girmək istəyirəm.
– Hansı ixtisasa?
– Müəllim olmaq istəyirəm, əfəndim.
– Əziyyətli bir həyat seçdiyini bilirsən, yəqin?
Murad təbəssümlə kifayətləndi.
* * *
Yeməkxanadakı çəngəl-bıçaq səslərində, dəhlizlərdəki gülüşlərdə, yataqxanada mızıldanan mahnılarda bir məzlumluq vardı. Bu işıq bu gözləri son dəfə işıqlandırırdı. Hələ indidən içlərində bir sancı tutması başlamışdı. Halbuki, illərlə buradan qurtulmağı xəyal etmişdilər. Arzuları həyata keçirdi. Niyə qəlbləri kədərlə dolu idi?
İstanbula yağan işıq yağışı yataqxananın pəncərələrindən də süzülürdü. Bura hakim olan səssizliyə baxmayaraq, yataqxanada hərəkətlilik, bəzən də pıçıltılar olur, yataqlarda qaranlıq kölgələr yaranır, bir dənəsi ayrılıb gedirdi. Bəzi pıçıltılar, ovuclarda boğulan qıqqıltılara çevrilirdi.
Sabah tezdən yola çıxacaqdı deyə, Murad yatmaq istəyirdi. Amma yata bilmir, beyni keçən illərlə məşğul idi. Yeddi il – dilə asan gəlirdi. O biri tərəfə dönəndə Seyidin yatağında oturduğunu gördü.
– Seyid, sən də yatmamısan?
– Bir ara huşa gedən kimi oldum.
– Çətin bir gecə keçiririk. Bura hələ körpəlikdən gəlmişik. Beynimizi, şəxsiyyətimizi burada tapdıq. Elə gün gəldi ki, xatirələrimizdən qopuruq.
– Xatirələrimizdənmi, yoxsa həyatımızdanmı, tam ayırd edə bilmirəm.
– Halımızı gözəl ifadə etdin.
– Nə etməyi düşünürsən?
– Qismətsə, sabah kəndə gedəcəyəm. Tətilimi anamın dizinin dibində keçirəcəyəm. Ona kömək edəcəyəm. Axşamlar da şam işığında kitab oxuyacağam. Əlbəttə, institut imtahanlarına hazırlaşmağı da gözardı etməyəcəyəm.
– Yenə də müəllimlik istəyirsən?
– Daha cəlbedici, ödənişli ixtisaslar ola bilər. Amma məncə, günümüzün ən xeyirli işi müəllim olmaq, yeni nəsillər yetişdirməkdir. Ancaq bu yolla millətimiz yeni bir sivilizasiya dövrünə girə bilər. Millətlər dünya sivilizasiyasına nələrsə töhfə verəndə yaşayır. Varlığımızı gün işığına çıxara bilməyimiz üçün dəyərlərimizi tərimizlə cücərtməliyik. Bu yolda şagirdlər yetişdirmək istəyirəm. Bəs sən nə etməyi düşünürsən?
– Vurnuxuram. Ağlına, fərasətinə inanıram. Mənə nə tövsiyə edərsən?
– Özüm üçün düşündüyümü dedim. Sənin barəndə də eyni şeyi düşünürəm.
– Davamlı uşaqlarla məşğul olmaq çətin deyilmi? Cəmiyyətdə də yeri yoxdu; “Müəllim” deyib, dodaq büzürlər.
– Uşaqlar gələcəyimizdir. İdealist – gündəlik həyatdan üz döndərmiş insan deməkdir. Adətən təkdir. Bir şey gözləmədən, kimsənin görmədiyi yerlərdə əlindən gələn xidməti edəndir. Sivilizasiyalar qayələrə könül verənlərin malıdır; izdiham isə onlardan yararlanır. Cəmiyyətdə yerimiz olmayacaqmış! Olsa nə olacaq, olmasa nə?
* * *
Darıxdırıcı bir axtarışdan sonra adını tapdı, halbuki ilk cərgələrdə idi. Rahat nəfəs alıb, siyahını yuxarıdan aşağıya oxumağa başladı. Seyid də daxil olmaqla, yoldaşlarının hamısı qəbul olmuşdular. Tanış adlara rast gəldikcə, tək qalmayacağını düşünərək sevinirdi.
Təəssüf ki, xoşbəxtliyi uzun sürmədi. İmam-Xətib məktəbində ikən bu çətinlikləri təsəvvür də etmirdi. Sən demə, yemək, yataq nə qədər əhəmiyyətliymiş! Anasının göndərdiyi pul ona çatmırdı, bütün diqqətini xərclərinə yönəltməsinə baxmayaraq, keçinə bilmirdi. Anasından daha çoxunu gözləmək insafsızlıq olardı.
Həyatın yükünü hər keçən gün daha çox hiss edirdi, ancaq müqavimət göstərmək istəyirdi. Səhərin erkən saatlarından gecəyə qədər iş yerlərini gəzirdi. Ləyaqətinə uyğun gələn hər bir işi etməyə hazırdı: tər iyi arasında idealına doğru getmək istəyirdi. Amma qapılar bir-bir üzünə bağlandıqca ümidsizləşir, axşamlar yataqxana halına gətirilmiş köhnə mədrəsəyə qayıdanda özünə gəlməsi çətin olurdu. Bəzən, “Kəndə qayıdım, qismətimi sahələrimizdə axtarım” – deyirdi. Mədrəsənin daş divarlarına öyrəşdikcə bədbinliyi də azalırdı. “Yox, yox. Belə düşünməyim. Çətinliklərdən qaça-qaça bu hala gəlmədikmi? Bəs mən inanırdım axı…”
* * *
Səhər qəzetlərə göz atdı. Üç iş yeri kadr axtarırdı. Maaşın miqdarı əhəmiyyətli deyildi. Anasının göndərdiyinə bir az əlavə etsəydi, bəs edərdi. Cəhdi yenə nəticəsiz qaldı: üç iş yerinin heç biri onu işə götürmədi. Elan verən şirkətlər müxtəlif ərazilərdə idilər. Piyada getmişdi. Yağış bütün gün yağmış, quru yer qalmamışdı.
Yeni avtomobillərin sırayla düzüldüyü kontorun vitrininə düşən əksini gördü. Üzü ölü rənginə bürünmüş, almacıq sümükləri qabarmışdı. Çatılmış qaşları daha da tündləşmişdi. Üzünə düşən saçlarının altında alnı iki barmaq enində solmuş bir kəməri xatırladırdı. Özünü süzərkən Emin müəllim qarşısında dayanıb, ona mərhəmətlə baxırdı. Ağıllı siması necə də dəyişmiş, taleyin cizgilərində boğulmuşdu. Həmişə qəşəng geyinən Muradın xarici görünüşü də acınacaqlı idi. Mütləq ciddi bir dərdi vardı.
Bepul matn qismi tugad.