Kitobni o'qish: «Şeytan»

Lev Nikolayeviç Tolstoy (1828-1910)
ŞEYTAN
«Mənsə sizə deyirəm, o kəs ki qadına tamah salır, ona ehtirasla baxır, o adam artıq öz qəlbnndə zinakarlıq etmiş olur.
Əgər sağ gözün səni şirnikdirib yoldan azdırsa barmağını sal, çıxar tulla o gözünü, çunki əzalarından birinin məhv olması butöv cisminin cəhənnəm oduna atılmasından yaxşıdır.
Və əgər sağ əlin səni şirnikdirirsə, kəs tulla onu, çunki əzalarından birinin məhv olması bütöv cisminin cəhənnəm oduna atılmasından yaxşıdır»
(Matfey V, 28, 29, 30.)
I
Yevgeni İrtenevi parlaq karyera gözləyirdi. Bunun üçün əsas çoxdu. Gözəl ailə tərbiyəsi görmüşdü, Peterburq universitetinin hüquq fakültəsində kursu əla başa vurmuşdu, bu yaxınlarda vəfat eləmiş atasının üzündən kübar cəmiyyətiylə yaxşı əlaqələri vardı və hətta nazirin özünün himayədarlığı ilə nazirlikdə işə başlamışdı. Var-dövləti də vardı, özü də böyük var-dövlət, amma bir balaca şübhəliydi. Anası ilə birlikdə xaricdə yaşayan və pulunu düşmən malı kimi xərcləyən atası oğlanlarının hərəsinə – Yevgeniyə və kavalerqard alayında xidmət edən böyük oğlu Andreyə ildə altı min manat verirdi. Atası ancaq yaydan-yaya iki aylığına öz malikanəsinə gəlir, ondada təsərrüfatla məşğul olmurdu, hər şeyi də özü kimi təsərrüfata heç fikir verməyən, bu işdən cana doyan təsərrüfat müdirinin öhdəsinə buraxmış, ona etibar eləmişdi.
Atasının ölümündən sonra qardaşlar mal-dövləti bölmək istəyəndə məlum oldu ki, borcları həddən artıqdır və əgər vəkilin sözünə qulaq asmalı olsalar, gərək nənələrinin yüz min manat dəyərində olan mülkünü əllərində saxlayıb, atadanqalma mal-mülkdən imtina eləyələr. Lakin malikanə qonşuları, atası ilə haqq-hesabı olan, yəni atasına borc verib veksel almış və Peterburqa da elə buna görə gəlmiş mülkədar deyirdi ki, borcların çox olmasına baxmayaraq, işləri sahmana salmaq və mülkün xeyli hissəsini əldə saxlamaq mümkündür. Bunun üçün meşəni və məndəcər yerlərin ayrı-ayrı hissələrini satmaq, ən gəlirli yerləri – dörd min desyatin qaratorpaq əkin sahəsi, şəkər zavodu və iki min desyatin çaybasar örüşləri olan Semyonovsk mülkünü saxlamaq kifayətdir, di gəl, işləri qaydaya salmaq, təsərrüfatı qaldırmaq, gəlirli eləmək üçün köçüb kənddə yaşamaq və ancaq bu işlə məşğul olmaq lazımdır.
Və Yevgeni yazda (atası pəhriz günlərində ölmüşdü) kəndə gedib torpaqlarını gəzdi, qərara aldı ki, əsas mülkü saxlamaq üçün istefaya çıxıb, anası ilə birlikdə kəndə köçməli, təsərrüfatla məşğul olmalıdır. O qədər də arası olmayan qardaşı ilə belə razılaşdı: ya ildə dörd min manat, ya da birdəfəlik səksən min manat alıb öz payından imtina eləsin.
Belə də elədi, anası ilə birlikdə kənddəki malikanəyə köçdü, böyük həvəs və ehtiyatla işə girişdi.
Adətən belə fikirləşirlər ki, ancaq qocalar mühafizəkar olurlar, novatorlar isə – cavanlardır. Bu o qədər də ədalətli fikir deyil. Ən adi mühafizəkarlar – cavan oğlanlardır. Elə cavanlar ki, yaşamaq istəyirlər, amma necə yaşamaq barədə fikirləşmirlər, fikirləşməyə heç vaxtları da yoxdu və buna görə də əvvəllər mövcud olmuş yaşayış tərzini özləri üçün nümunə götürürlər.
Yevgeni də belə elədi. Kəndə köçəndən sonra onun arzusu və idealı bu idi ki, pis təsərrüfatçı olan atasının yox, babasının vaxtında mövcud olan yaşayış formasını, yaşayış tərzini bərpa eləsin. Və indi evdə də, bağda da, təsərrüfatda da babasının dövründə mövcud olan ruhu diriltməyə – hər işi gen-bolluqla görməyə başladı. İstəyinə nail olmaq üçün çox iş görməliydi: borc verənlərin və bankların tələbini ödəmək və buna görə də torpaqların bir hissəsini satıb, ödənişlərin vaxtını uzatmaq, dörd min desyatin əkin yeri və şəkər zavodu olan Semyonovsk mülkündə təsərrüfatı icarədarların və muzdurların köməyilə canlandırmaq, pul əldə etmək lazım idi; gərək elə edəydi ki, evdə də, bağda da səliqə-sahman, tərəqqi gözə çarpaydı.
İş çox idi, di gəl, Yevgeninin gücü də çox idi – həm fiziki, həm də mənəvi gücü. Onun iyirmi altı yaşı vardı. ortaboylu, möhkəm və əzələli, şən və diribaş qırmızıyanaq, buruqsaç oğlan idi. Fiziki cəhətdən yeganə naqisliyi uzağı yaxşı görməməsiydi ki, bu da öz günahıydı, lazım olmaya-olmaya öyrəşdirmişdi özünü çeşməyə və indi pensnesiz keçinə bilmirdi, pensne burnunun üstündə yer eləmiş, iz salmışdı. Fiziki cəhətdən beləydi, mənəvi simasına gəldikdə isə, Yevgenini yaxından tanıdıqca, adamın məhəbbəti artırdı ona. Anası onu elə qabaqlar da çox istəyirdi, indi, əri öləndən sonra isə qəlbinin bütün hərarətini, həm də bütün həyatını ona verməyə hazırdı. Lakin onu belə ürəkdən sevən təkcə anası deyildi. Gimnaziya və universitet yoldaşlarıda ürəkdən sevir və hörmət eləyirdilər ona. Ətrafındakı adamlara həmişə belə təsir bağışlayırdı. Onun dediklərinə inanmamaq olmazdı, belə açıq, namuslu sifəti, başlıcası isə namuslu gözləri olan adamın yalan danışa biləcəyinə, kimisə aldada biləcəyinə inanmaq mümkün deyildi.
Ümumiyyətlə, şəxsiyyəti işlərində çox kömək eləyirdi ona. Başqalarına borc verməkdən boyun qaçıran kreditor ona inanırdı. Prikazçik, kəntxuda, mujik başqalarına pislik eləsə, çoxlarını aldatsa da, bu cür təmizqəlbli, sadə, mehriban adamla kəlmə kəsəndən sonra ona kələk gəlməyi unudardı.
Mayın axırları idi. Yevgeni məndəcər torpaqlarını bir tacirə satmaq üçün şəhərdə işləri güclə sahmana salıb, həmin torpaqları girovluqdan çıxarmış və sövdələşdiyi tacirdən borc eləmişdi ki, avadanlığı təzələsin, yəni təzə atlar, öküzlər, araba-furqon alsın, başlıcası isə çox zəruri olan xutorun tikintisinə başlasın. İş sahmana düşürdü. Taxta-şalban gəlirdi, dülgərlər işə başlamışdılar, səksən araba ilə peyin daşınırdı, buna baxmayaraq hər şey bircə tükdən asılı vəziyyətdəydi.
II
Başının bu qayğılara qarışdığı bir vaxtda çox mühüm olmasa da, hər halda Yevgenini incidən bir hadisə baş verdi. O, ömrünün cavan yaşlarındaydı, yəni bütün gənc, sağlam, subay kişilər kimi, o da cürbəcür qadınlarla vaxt keçirirdi. Pozğun, gəzəyən adam olmasa da, hər halda, özünün dediyi kimi, rahib də deyildi. Bu işlə ancaq, özünün dediyi kimi, fiziki sağlamlığını və ruhunun sərbəstliyini təmin edəcək dərəcədə məşğul olurdu, özü də bu məşğuliyyətə on altı yaşından başlamışdı. Və indiyə kimi hər şey salamatçılıqla, qurtarmışdı. Salamatçılıq deyəndə, yəni o, pozğunluğa alışmamış, heç bir qadına aludə olmamış və bircə dəfə də xəstəliyə tutulmamışdı. Əvvəllər Peterburqda bir dərzi qadınla yaxınlıq eləyirdi, o korlanandan sonra başqasını tapdı. Bu məsələ elə qaydaya salınmışdı ki, heç bir əzab-əziyyət çəkmirdi bu işdən yana.
Amma kənddə yaşamağa başladığı bu ikinci ayda bilmirdi ki, başına nə çarə qılsın. Özündən asılı olmayan bu zorən pəhriz ona pis təsir eləməyə başlamışdı. Doğrudanmı bundan yana durub şəhərə getməlidir? Bir də ki, hara? Necə? Yevgeni İvanoviçi narahat eləyən bu idi və sağlamlıq üçün zəruri olduğuna inandığından buna doğrudan da ehtiyac duyurdu və ona elə gəlirdi ki, sərbəst deyil və iradəsi ziddinə olaraq qabağına çıxan hər bir cavan qadını, necə deyərlər, gözləriylə yeyirdi.
Öz kəndində hər hansı bir qadınla və ya qızla gəzməyi yaxşı hərəkət saymırdı. Söhbətlərdən eşitmişdi ki, atası və babası da bu məsələdə o vaxtların mülkədarlarından fərqlənir, öz evlərində təhkimli qadınlarla heç vaxt oturub-durmurdular və buna görə Yevgeni də onların yolu ilə getməyi qərara almışdı; lakin sonra getdikcə əl-qolunun daha çox bağlandığını hiss elədi, bu balaca yerdə başına nələr gələcəyini dəhşətlə fikirləşdi və öz-özünə dedi ki, kənddəki qadınlar daha təhkimli deyillər və buna görə də oturub-durmaq olar onlarla. Di gəl, gərək elə eləyəsən ki, heç kim bilməsin, özü də gəzəyən adamlar kimi ağını çıxartmaq olmaz, ancaq sağlamlıq naminə nə qədər lazımsa, o qədər eləmək olar. Və bu qərara gələndən sonra narahatlığı daha da artdı; kəndxudayla, mujiklərlə, xarratla danışanda istər-istəməz söhbəti qadınların üstünə gətirir, qadınlar haqda danışanda isə söhbəti uzatmağa çalışırdı. Qadınlara isə getdikcə daha çox baxırdı.
Lakin hər hansı bir məsələ barədə özlüyündə qərara gəlmək bir şeydir, həmin qərarı həyata keçirmək başqa şey. Qadına özünün yaxınlaşması mümkün deyildi. Bir də, hansına yaxınlaşaydı? Harda? Kiminsə köməyilə eləmək lazımdır bunu, di gəl, qadını hardan tapsın?
Bir dəfə su içmək üçün meşədəki qarovulxanaya girdi. Qarovulçu atasının keçmiş ovçusu idi. Yevgeni İvanoviç onunla söhbətə girişdi və qarovulçu keçmişlərdə ov vaxtı düzəldilən kef məclisləri barədə maraqlı əhvalatlar danışmağa başladı. Və birdən Yevgeni İvanoviçin ağlına gəldi ki, elə həmin məsələni də burda, qarovulxanada və ya meşədə təşkil eləmək yaxşı olardı. Amma bilmirdi ki, necə düzəltsin bu işi və qoca Danila baş qoşarmı buna? «Bəlkə belə təklifdən dəhşətə gələcək və biabır olacağam, bəlkə də elə sakitcə razılaşacaq». Danilanın söhbətlərinə qulaq asdıqca, beləcə düşünürdü. Danila dyaçixanın örüşündə dayandıqları vaxt Pryanişnikov üçün arvad gətirməyindən danışırdı.
«Demək olar» – Yevgeni fikirləşdi.
– Sizin atanız isə, allah ona rəhmət eləsin, belə axmaq işlərə baş qoşmazdı.
«Yox, olmaz» – belə fikirləşsə də, hər halda yoxlamaq istədi onu.
– Bəs sən niyə belə pis işlərlə məşğul olurdun?
– Burda pis nə var ki? Arvadda sevindi, mənim Fyodor Zaxarıçım da xirtdəyəcən razı qaldı. Mən də bir manat qazandım. Bəs onda neyləsin? Ürəyi istəyir axı. Şərab içir.
«Hə, demək olar» – Yevgeni söhbəti açmağı qərara aldı.
– Bilirsən, – pörtüb qızardığını hiss elədi, – bilirsən, Danila, lap əldən düşmüşəm. – Danila gülümsündü. – Mən hər halda rahib deyiləm, alışmışam belə şeyə.
Hiss eləyirdi ki, dediklərinin hamısı axmaq şeydir, di gəl, Danilanın təqdir elədiyini görüb sevindi.
– Neçə vaxtdı niyə demirsiz bəs, mümkün şeydir, – dedi. – Kimi deyirsizsə, göstərin, qalanı ilə işiniz olmasın.
– Doğrusu, mənimçün fərqi yoxdur, hər halda lap eybəcər olmasın, bir də sağlam olsun.
– Başa düşdüm! – Danila dilləndi və azacıq fikrə getdi, – Uf, bir qəşəngi var, – sözə başladı. Yevgeni yenə pörtdü. – Əla şeydi. Özünüz görəcəksiz, payızda veriblər ərə. – Danila pıçıltı ilə danışmağa başladı, – kişi isə heç nə eləyə bilmir. Axı ovçunun işi deyil bu.
Yevgeni utandığından hətta üzünü bürüşdürdü.
– Yox, yox, – o dedi. – Eləsi lazım deyil mənə. Əksinə, (bunun əksi nə ola bilərdi?) mənə onun tamamilə əksi lazımdır, bircə sağlam olsun, başağrısı istəmirəm – soldat arvadı və ya…
– Bildim. Deməli sizə yarayanı Stepanidadır. Əri şəhərdədir, elə soldat kimi bir şeydir. Özü isə qəşəng. gəlindi, tərtəmizdi. Razı qalacaqsız. Onu görəndə mən də tamahımı saxlaya bilmirəm, deyirəm gedək, o isə…
– Yaxşı, nə vaxta qalır?
– İstəyirsiz, lap günü sabah. Tütün dalınca gedəndə dəyərəm, günorta bura gəlin, ya da bostanın dalındakı hamamın yanına. Heç kim olmur orda. Bir də, günorta camaatın hamısı yatır.
– Yaxşı, oldu.
Evə qayıdanda Yevgenini dəhşətli həyəcan bürüdü. «Görən necə olacaq? Görən bu nə kəndçi qızıdır? Birdən kifirin, eybəcərin biri olar. Yox, onlar qəşəngdilər – küçədə-bayırda gördüyü kəndli arvadlarını yadına salıb, öz-özünə dedi. – Yaxşı, nə deyəcəm ona, neyləyəcəm?»
Bütün günü özündə-sözündə olmadı, ertəsi gün saat on ikidə qarovulxanaya tərəf getdi. Danila qapıda dayanmışdı, onu görəndə mənalı-mənalı göz vurub, başı ilə meşəni göstərdi. Yevgeninin ürəyi döyünməyə başladı və o, bostana tərəf yollandı. Orda doğrudan da heç kəs yox idi. Hamama yaxınlaşdı. Sakitlikdi. Girib içəri baxdı, çölə çıxanda sınan budaq səsi eşitdi. Boylandı, balaca yarğanın o tayındakı ağaclıqda dayanmışdı. Yevgeni ona tərəf cumdu. Yarğanın içi demə gicitkənlikmiş. Gicitkən daladı onu, pensnesini salıb itirdi, sıçrayıb yarğanın o biri tərəfinə qalxdı. Stepanida burda dayanmışdı. Qırmızıya çalan qəhvəyi rəngdə evdə toxunan parçadan tuman geymiş, çiyninə işləməli örtük atmışdı, başında qırmızı yaylığı vardı, ayaqyalın idi, sağlam, tərtəmiz, qəşəng qadındı, ürkək-ürkək gülümsəyirdi.
– Cığırla hərlənib gələ bilərdiz, – dedi. – Biz öyrəncəliyik; ayaqyalın keçirik gicitkənlikdən.
Yevgeni yaxına gəldi, o yan-bu yana baxıb toxundu ona.
On beş dəqiqədən sonra ayrıldılar, Yevgeni pensnesini tapıb, Danilanın qarovulxanasına yollandı və onun «razı qaldınızmı, ağa?» – sualının cavabını cibindən çıxardığı manatlıqla verdi və evə qayıtdı.
Razı qalmışdı. Utanmağa gələndə, əvvəlcə həya elədi bir az. Sonra bu da keçdi. Və hər şey yaxşı oldu. Ən yaxşısı da bu idi ki, daha sakitləşmişdi, özünü yüngül və rahat hiss eləyirdi. Stepanidanı heç əməlli-başlı gözdən keçirə bilmədi. Bircə onu gördü ki, təmizdir, təzə-tərdir, çirkin deyil, sadədir, naz-qoz eləyən də deyil. «Görən kimin arvadıdır? – öz-özündən soruşdu. – Danila deyəsən Peçnikov1 dedi. Bu hansı Peçnikovdur görəsən? Deyəsən Peçnikovlar iki ailədi. Yəqin qoca Mixaylanın gəlinidi. Hə, elə onun gəlinidi. Axı onun oğlu Moskvada yaşayır, yadıma düşəndə Daniladan soruşaram».
O vaxtdan bəri kənd həyatının bu məcburi pəhrizindən doğan-çətinlik, pis ovqat aradan qalxdı. Daha Yevgeninin sərbəstliyinə, azad, rahat düşünməsinə heç nə mane olmurdu, öz işləriylə rahat məşğul ola bilirdi.
Yevgeninin öz üzərinə götürdüyü vəzifə isə yüngül deyildi: hərdən ona elə gəlirdi ki, bu gərginliyə dözə bilməyəcək və mülkü satmağa məcbur olacaq. Başlıcası isə aydın olacaq ki, dözə bilmədi, öhdəsinə götürdüyü işi başa çatdıra bilmədi. Bu hər şeydən çox narahat eləyirdi onu. Bir yırtığı güc-bəlayla yamayan kimi, heç gözləmədiyi halda yenisi peyda olurdu.
Bütün bu vaxt ərzində atasının indiyədək məlum olmayan yeni-yeni borcları üzə çıxırdı. Görünür, son vaxtlar hardan gəldi borc alırmış. May ayında, bölüşmə vaxtı Yevgeni fikirləşirdi ki, daha hər şeydən xəbəri var, daha borc söhbəti qurtardı. Yayın ortalarında isə gözlənilmədən aldığı məktubdan aydın oldu ki, dul mülkədar xanım Yesipovaya da on iki min borcları var. Veksel yox idi, adicə dilkağızı vardı. Vəkilin dediyi ilə razılaşsa, dilkağızının həqiqi sənəd olmadığını sübuta yetirib, boyun qaçırmaq olar bu borcdan. Lakin Yevgeni atasının həqiqətən aldığı borcdan boyun qaçırmağı heç ağlına da gətirmirdi. Ona bircə bu sənədin həqiqiliyini yəqinləşdirmək lazım idi.
– Ana! Yesipova Kaleriya Vladimirovna kimdir? – adəti üzrə nahar vaxtı bir yerdə olanda anasından soruşdu.
– Yesipova? Hə, sənin babanın yetirmələrindəndir. Nədir bəyəm?
Yevgeni aldığı məktub barədə danışdı.
– Təəccüblənirəm, utanmır görəsən? Sənin atan vaxtilə o qədər pul verib ki ona…
– Yox ey, biz borcluyuqmu ona?
– Bilmirəm necə deyim sənə. Borc deyil, atanın sonsuz xeyirxahlığı…
– Dəxli yoxdu, atam borc sayırdı bunu.
– Deyə bilmərəm. Bilmirəm. Bircə onu bilirəm ki, sənin üçün çox ağırdır.
Yevgeni görürdü ki, Marya Pavlovna bilmir nə desin, elə bil söz alır ondan.
– Görürəm ki, qaytarmaq lazımdır, – Yevgeni dedi. – Sabah onlara gedib danışaram, bəlkə bir az gözlədi.
– Ah, yazığım gəlir sənə. Hə, yaxşı indi ki, deyirsən. Ona de ki, gözləməlidir, – oğlunun qərarını eşidəndən sonra sakitləşən və bununla qürrələnən Marya Pavlovna dilləndi.
Yevgeninin vəziyyətini ağırlaşdıran bir də o idi ki, özüylə bir yerdə yaşayan anası onun çətinliklərini heç cür başa düşmürdü. Marya Pavlovna ömrü boyu o qədər gen-bol yaşamışdı ki, oğlunun hansı vəziyyətdə olduğunu heç təsəvvürünə gətirə bilmirdi. Ağlına gətirə bilmirdi ki, bu gün-sabah oğlu hər şeyini satıb quru yurdda qala bilər və onu, yəni anasını dolandırmaq üçün qulluğa girib, lap çoxu ildə iki min manatla kifayətlənməyə məcbur ola bilər. O, başa düşmürdü ki, bu vəziyyətdən yalnız qənaət eləməklə çıxmaq olar və buna görə də oğlunun nökər-naibin sayını azaltmasının, hətta yemək-içməyə də mümkün qədər az pul xərcləməsinin səbəbini anlamırdı. Bundan başqa, bütün dul qadınlar kimi, Marya Pavlovna da ərinin xatirəsinə özünə elədiyindən daha çox hörmət eləyir, mərhumun ənənələrinin, qoyduğu qanun-qaydanın səhv olduğunu fikirləşməyi və onları dəyişməyi heç ağlına da gətirmirdi.
Yevgeni çətinliklə olsa da, həyətdəki bağa və parka qulluq eləmək üçün iki bağban saxlayırdı və bundan başqa iki arabaçısı vardı ki, həm atlara qulluq eləyir, həm də fayton-qazalağ sürürdülər. Marya Pavlovna isə sadəlövhlüklə elə fikirləşirdi ki, qoca aşpazın bişirdiyi xörəklərdən, parkdakı cığırların təmizlənməməsindən, evdə nökər-naib adına təkcə bir oğlanın olmasından şikayətlənmir, özünü oğluna qurban verməyə hazır olan ana təki əlindən gələni eləyir. Heç gözlənilmədən peyda olan bu axırıncı borca da Yevgeni az qala axırına çıxa biləcək bir zərbə kimi baxırdısa, anası bunu oğlunun alicənablıq göstərməsinə səbəb olan bir təsadüf kimi qiymətləndirirdi. Marya Pavlovna Yevgeninin maddi vəziyyəti üçün də ona görə narahat olmurdu: oğlunun münasib bir izdivacla hər şeyi düzəldəcəyinə əmin idi. Evlənmək məsələsinə gəldikdə isə, Yevgeni ən varlı və ləyaqətli ailəyə mənsub qız seçə bilərdi. Marya Pavlovna onlarca ailə tanıyırdı ki, bu izdivacı özü üçün xoşbəxtlik sayardı. Və ana bu işin mümkün qədər tez olmasını arzulayırdı.
Yevgeni də evlənmək arzusundaydı, amma bu işə heç də anası kimi baxmırdı, izdivacı özünün maddi vəziyyətini yaxşılaşdırmaq, öz işlərini sahmana salmaq vasitəsi etmək fikrinə iyrənc bir şey kimi baxırdı. O, namusla, sevərək evlənmək istəyirdi. Tanıdığı və gördüyü qızlara diqqət yetirir, özü ilə tutuşdururdu, di gəl, taleyi öz hökmünü vermirdi hələ. Bununla belə, heç özünün gözləmədiyi halda Stepanida ilə əlaqələri nəinki hələ də davam edirdi, hətta adət halına düşmüşdü. Yevgeni gəzəyənlikdən çox uzaq adam idi, tutduğu bu gizli, pis iş onun üçün o qədər ağır idi ki, əl-ayağını yığışdırıb öz işlərini heç cür sahmana sala bilmirdi və hətta Stepanida ilə ilk görüşdən sonra onu bir daha arayıb axtarmayacağını düşünürdü, lakin bir müddətdən sonra yenə narahatlığı başlandı və Yevgeni bunu yenə həmin məsələ ilə bağladı. Bir də, bu dəfəki narahatçılığı, necə deyərlər, şəxssiz deyildi; onun xəyalında həmin o parlaq, qara gözlər, nazik tül koftanı deşib çıxmaq istəyən döşlər canlandı, onun sinədən gələn səsini eşitdi elə bil, bir təzəlik, qüvvət qoxusu duydu, özü də bütün bunları həmin o fındıq və ağcaqayın pöhrəliyində təsəvvür eləyirdi. Nə qədər xəcalət çəksə də, kömək üçün yenə də Danilaya müraciət eləməli oldu. Yevgeni bu dəfə onu bir xeyli gözdən keçirdi və Stepanidanın yaraşıqlı, cəlbedici olduğunu gördü. Yevgeni onunla əri barədə danışmağa cəhd göstərdi, ərini soruşdu. Onun əri, həqiqətən Mixaylonun oğlu idi, Moskvada arabaçılıq eləyirdi.
– Bəs sən niyə, niyə belə. – Yevgeni soruşmaq istəyirdi ki, nə üçün ərinə xəyanət eləyir.
– Necə yəni niyə? – suala sualla cavab verdi. Görünür ağıllı, dərrakəli qadın idi.
– Ərin ola-ola mənim yanıma necə gəlirsən?
– Hə, bunu deyirsənmiş, – şən halda dilləndi. – Məncə o da vaxtını boş keçirmir, gəzir yeri düşəndə. Mənə nə olub onda?
Özünü qəsdən belə sərbəst, qoçaq göstərmək istəyirdi. Və bu, Yevgeninin xoşuna gəldi. Buna baxmayaraq, özü görüş təyin eləmədi. Hətta Stepanida, nədənsə xoşuna gəlməyən Daniladan xəbərsiz görüşməyi təklif eləyəndə belə razı olmadı. Yevgeniyə elə gəlirdi ki, bu, axırıncı görüşləridir. Stepanida onun xoşuna gəlirdi və fikirləşirdi ki, belə əlaqələr onun üçün vacibdir və burada heç bir pis şey yoxdur; lakin qəlbinin dərinliyində daha ciddi bir hakim vardı və həmin hakim bunu təqdir eləmirdi. Buna görə də Yevgeni fikirləşirdi ki, axırıncı görüşdür, buna əmin olmasa da, hər halda növbəti görüş hazırlamaq istəmirdi.
Bütün yay belə keçdi, Yevgeni onunla təqribən on dəfə görüşdü və hər dəfə də Danilanın əli ilə. Bir dəfə əri kənddə olduğundan Stepanida görüşə gələ bilmədi və Danila başqasını təklif elədi. Yevgeni nifrətlə boyun qaçırdı. Sonra Stepanidanın əri çıxıb getdi və onlar yenə də köhnə qaydada, Danila vasitəsilə görüşməyə başladılar və axırda görüş vaxtını özü təyin elədi. Stepanida Proxorova qarıyla gəlirdi görüşə, çünki tək çıxa bilməzdi evdən. Bir dəfə görüşə azca qalmış Marya Pavlovnanın qonaqları gəldi, özü də bu həmin ailə idi ki, Marya Pavlovna onların qızını oğluna almaq fikrindəydi və buna görə də Yevgeni heç cür imkan tapıb görüşə gedə bilmədi. Fürsət tapan təki evdən çıxdı, samanlığa tərəf yollandı, ordan da dolayı cığırla meşəyə, görüş yerinə qaçdı. Stepanida orda yox idi. Di gəl, talada kol-kos tapdalanıb əzilmişdi, ağacların budaqları qırılıb tökülmüşdü, hətta paya yoğunluqda bir cavan adcaqayın da sındırılmışdı. Bunlar hamısı onun işiydi, Yevgenini gözləyəndə həyəcanlanmış və əsəbiləşib belə eləmişdi. O bir xeyli gözlədi və Danilanın yanına gedib, sabaha görüş təyin elədi. Ertəsi gün Stepanida gəldi, həmişəki kimiydi, elə bil heç nə olmamışdı.
Yay belə keçdi, həmişə də meşəyə təyin eləyirdilər görüşü, yalnız bircə dəfə payızqabağı onların həyətinin arxasındakı samanlıqda görüşdülər. Yevgeninin heç ağlına da gəlməzdi ki, bunların onun üçün nə isə bir əhəmiyyəti ola bilər. Stepanida barədə isə heç fikirləşmirdi də. Təkcə hərdən pul verirdi ona. Yevgeni bilmirdi ki, onların bu əlaqəsindən bütün kəndin xəbəri var və kənd arvadlarının Stepanidaya paxıllıqları tuturdu, evdəkilər isə Yevgeninin verdiyi pulları Stepanidanın əlindən alır və onun bu əlaqəsinə nəinki göz yumur, hətta təqdir eləyirdilər, nəticədə isə pulun və evdəkilərin təsiri ilə Stepanidanın günah barədə təsəvvürləri tamamilə məhv olub gedirdi. Ona elə gəlirdi ki, adamların paxıllığına səbəb olursa, deməli, onda heç bir pis iş tutmur.
«Sadəcə olaraq sağlamlığım üçün lazımdır, – Yevgeni fikirləşirdi. – Tutaq ki, yaxşı iş deyil və heç kim bu haqda danışmasa da, bilənlər çoxdur yəqin. Yəqin Stepanidanı görüş yerinə ötürən qarı başqalarına da danışıb. Neyləmək olar? Pis iş görürəm, – Yevgeni özünü qınayırdı, – neyləyim, başqa əlacım yoxdu, həmişəlik deyil ki, bu?!»
Yevgenini narahat eləyən bircə onun əriydi. Əvvəllər fikirləşirdi ki, yəqin əri bekara adamdır və bununla da, öz hərəkətlərinə bir növ haqq qazandırırdı. Amma Stepanidanın ərini görəndə heyrətə gəldi, cavan oğlan idi, qəşəng geyinmişdi. Stepanida ilə görüşəndə dedi ki, ərini görüb və xoşuna gəlib.
– Kənddə beləsi yoxdu, – Stepanida əriylə fəxr elədiyini gizlətmədi.
Bu, Yevgenini təəccübləndirdi. Və o vaxtdan Stepanidanın əri barədə düşüncələr ona daha çox əzab verirdi. Bir dəfə Danila ilə söhbət eləyirdi, ağzı qızışandan sonra Danila açıqca dedi:
– O səfər Mixaylo məndən soruşdu ki, doğrudanmı ağa onun gəlini ilə yaşayır. Mən dedim ki, bilmirəm. Bir də ki, mujikdənsə ağayla yaşasa yaxşıdır.
– Bəs o nə dedi?
– Eh, heç nə. Dedi: Yaxşı, qoy axırına yetim, aşının suyunu verərəm.
«Əri gəlib çıxsa, qurtararam bu məsələni», – Yevgeni fikirləşirdi. Di gəl, Stepanidanın əri şəhərdən qayıtmır, onların da əlaqələri davam edirdi. «Lazım olanda, qıraram əlaqəni, hər şey qurtarar», – ürəyindən keçirdi.
Və bu, şübhə doğurmurdu onda, çünki bütün yay ərzində bir sıra müxtəlif şeylər başını yaman qatmışdı: təzə xutor salmaq, məhsul yığımı, tikinti işləri, başlıcası isə borcların qaytarılması və xam, məndəcər torpağın satılması. Bunlar onun vaxtını bütünlüklə alırdı, yatanda da, duranda da ancaq bunlar haqda düşünürdü. Bütün bunlar əsl həyat idi. Stepanida ilə əlaqələri – bunu heç münasibət də adlandırmırdı – bu işlərin yanında heç gözə də görünmürdü. Doğrudur, onu görmək istəyəndə bu istək elə güclü olurdu ki, bundan başqa heç nə haqda fikirləşə bilmirdi, amma bu çox çəkmirdi, görüşəndən sonra onu yenə bir neçə həftə, hətta bəzən bir ay unudurdu.
Payızda Yevgeni tez-tez şəhərə gedirdi və orda Annenskilərin ailəsi ilə tanış olmuşdu. Annenskilərin institutu təzəcə bitirmiş bir qızları vardı. Və Marya Pavlovnanın heç gözləmədiyi halda, onun öz dili ilə desək, elə bir hadisə baş verdi ki, Yevgeni özünü ucuz tutub, Liza Annenskayaya vuruldu və ona evlənməyi təklif elədi.
O vaxtdan Stepanida ilə əlaqələri kəsildi.
Yevgeninin nəyə görə məhz Liza Annenskayanı seçdiyini bilmək olmaz, kişilərin özlərinə arvad seçərkən nəyə əsaslandıqlarını bilmək mümkün deyil. Səbəb çox idi, özü də həm müsbət, həm də mənfi səbəblər. Səbəb bu idi ki, Liza Marya Pavlovnanın gözaltı elədiyi qızlar qədər varlı deyildi, sonra, bu qız öz anasına qarşı çox səmimi idi, ürəyi yanırdı ona, bir səbəb də onun lap gözəl olmayıb hamının diqqətini cəlb etməsi idi. Başlıcası isə bu idi ki, Yevgeni onunla evlənməyə hazır olduğu bir vaxtda tanış olmuşdu. Yevgeni Lizaya ona görə vurulmuşdu ki, evlənmək niyyətində olduğunu bilirdi.
Liza Annenskaya əvvəlcə Yevgeninin ancaq xoşuna gəlirdi, amma qərara alanda ki, bu qız onun arvadı olacaq, məhəbbəti xeyli artdı, ona əməlli-başlı vurulduğunu hiss elədi.
Liza hündürboylu, zərif qız idi. Onun hər şeyi uzun idi: üzü də, burnu da, barmaqları da, pəncələri də, amma burnu qabağa uzanmırdı, üzüaşağı sallanırdı. Üzünün rəngi çox zərif idi, ağdı, azacıq sarıya çalırdı, yanaqlarında azca allıq vardı, xurmayı saçları yumşaq və qıvrım idi, gözləri isə çox qəşəngdi, hər şeyə inanan, həlim baxışları vardı. Onun gözləri Yevgenini xüsusilə məftun eləmişdi. Və həmişə Liza haqda fikirləşəndə, o saat bu həlim, aydın gözlər təsəvvüründə canlanırdı.
Liza xarici görkəmcə beləydi; onun daxili, mənəvi aləmi barədə isə Yevgeni heç nə bilmirdi, təkcə gözlərini görmüşdü. Və bu gözlər elə bil ona nə lazımdısa, hamısını deyirdi. Bu gözlərdən oxunan məna bu idi.
Hələ on beş yaşından, institutda oxuyandan Liza rast gəldiyi bütün yaraşıqlı kişilərə vurulurdu və yalnız vurulduğu vaxtlar xoşbəxt olurdu. İnstitutdan çıxandan sonra da qarşılaşdığı bütün cavan kişilərə vurulurdu və şübhəsiz, Yevgenini görən kimi ona da vuruldu. Onun gözlərindəki Yevgenini əsir eləyən ifadə də bu vurğunluğun nəticəsi idi.
Bu qış Liza eyni vaxtda iki adama vurulmuşdu və özü də nəinki onlar otağa daxil olanda, hətta adları çəkiləndə qızarır, həyəcanlanırdı. Sonra anası işarə vurdu ki, deyəsən İrtenevin niyyəti ciddidir və Lizanın İrtenevə məhəbbəti o qədər artdı ki, bundan qabaq vurulduğu iki nəfərə qarşı az qala tamamilə biganə, oldu və Yevgeni onların evinə bala, məclisə gələndə, başqalarından çox onunla rəqs eləyəndə və çox güman Lizanın onu sevib-sevmədiyini öyrənməyə çalışanda, Lizanın vurğunluğu xəstəlik kimi bir hala çevrildi, onu tez-tez yuxuda görməyə başladı, ayıqlıqda da, qaranlıq otaqda da Yevgeninin siması gözlərinin qabağına gəlirdi, – əvvəllər vurulduğu başqa kişilər isə daha mövcud deyildi onun üçün. İrtenev evlənməyi təklif edəndən və onlara xeyir-dua veriləndən sonra öpüşüb adaxlı oldular və bundan belə Lizanın Yevgenidən başqa heç bir fikri yox idi, onunla bir yerdə olmaqdan, onu sevməkdən və onun tərəfindən sevilməkdən savayı heç bir arzusu yox idi. Liza həm onunla fəxr eləyir, onun qarşısında, özünün və məhəbbətinin qarşısında riqqətə gəlib, mütəəssir olur, məhəbbətdən əriyirdi az qala. Yevgeni də onu daha yaxından tanıdıqca daha çox sevirdi. O, Lizadan heç cür belə məhəbbət gözləmirdi və bu məhəbbət onun hisslərini daha da gücləndirirdi.
VI
Yazqabağı Semyonovska gəldi ki, təsərrüfata baş çəksin, başlıcası isə qarşıdakı toyla əlaqədar evdə aparılan hazırlıq işlərinə göz yetirsin.
Marya Pavlovna oğlunun qız seçməsindən narazı idi, özü də təkcə ona görə narazı deyildi ki, Yevgeni daha münasib, daha layiqli qız tapa bilərdi, həm də oğlunun qayınanasından xoşu gəlmədiyi üçün narazı idi bu izdivacdan. Varvara Alekseyevnanın xeyirxah və ya kinli olduğunu bilmirdi, bu haqda fikirləşmirdi də, lakin onun nəcib qadın, il faut, öz dililə desək, ledi olmadığını Marya Pavlovna ilk tanışlıqdan görmüş və bu kədərləndirmişdi onu. Ona görə kədərlənmişdi ki, adət elədiyindən bu nəcabəti yüksək qiymətləndirirdi. Bilirdi ki, Yevgeni belə şeylərə çox həssasdır və bu sarıdan oğlunun çox dilxorçuluq çəkəcəyini duyur, hiss eləyirdi. Qız isə xoşuna gəlirdi. Özü də hər şeydən çox ona görə ki, Yevgeni sevirdi onu. Buna görə o da sevməliydi Lizanı. Və Marya Pavlovna buna hazır idi, özü də tamamilə səmimi surətdə.
Yevgeni anasını şən və məmnun halda gördü. Marya Pavlovna evi sahmana salır və gəlin gələn kimi özü çıxıb getmək istəyirdi. Yevgeni onu dilə tuturdu ki, getməsin. Bu məsələ hələ yarımçıq idi, həll edilməmişdi. Adəti üzrə axşam Marya Pavlovna kartla fal açırdı, Yevgeni kartları düzməkdə kömək edirdi ona. Onlar ən səmimi söhbətlərini bu vaxt eləyirdilər. Marya Pavlovna kartları bir də yığıb qatışdırdı, stolun üstünə düzməzdən əvvəl Yevgeniyə baxdı və bir qədər tutula-tutula dedi:
– Jenya, mənim sözüm vardı sənə. Şübhəsiz, mən heç nə bilmirəm, amma hər halda məsləhət görürəm, evlənməzdən qabaq subaylıqla bağlı bütün işlərinə, vərdişlərinə son qoymalısan ki, daha heç nə səni və allah göstərməsin, arvadını narahat eləməsin. Başa düşürsən məni?
Və Yevgeni həqiqətən o saat başa düşdü ki, Marya Pavlovna onun Stepanida ilə hələ payızdan bəri son qoyduğu əlaqələrə işarə vurur və bütün tənha qadınlar kimi o da bu əlaqələrə lazım olduğundan çox əhəmiyyət verir. Yevgeni qızardı və əslində utandığından deyildi bu qızarmaq, ondan idi ki, əziz Marya Pavlovna, istədiyindən eləsə də, hər halda özünə heç bir dəxli olmayan, heç nə anlamadığı və anlaya bilməyəcəyi bir işə qarışırdı. O dedi ki, gizlətməli heç bir işi yoxdur və indiyə qədər özünü elə aparmayıb ki, evlənməsinə mane ola bilən bir şey meydana çıxsın.
– Lap əla, dostum. Jenya, incimə məndən, – Marya Pavlovna pərt olub dedi.
Amma Yevgeni görürdü ki, anası sözünü qurtarmayıb, ürəyindəkini deməyib hələ. Elə də oldu. Bir az keçəndən sonra başladı ki, Yevgeni evdə olmayanda onu… Pçelnikovgilə uşağı xaç suyuna salmağa dəvət eləmişdilər.
İndi Yevgeni daha anasının zəvzəkliyindən doğan kədərdən və hətta utandığından yox, bu saat ona deyiləcək sözün mənasını qabaqcadan dərk etməsindən, bu duyğunun onun öz mülahizələri ilə bir araya sığmamasından yana qızardı. Elə Yevgeninin gözlədiyi kimi də oldu. Marya Pavlovna adicə söhbət edirmiş kimi, guya heç bir məqsəd-filan güdmədən başladı ki, bu il hamının oğlu olur, deyəsən müharibə olacaq. Vasinlərin də oğlu olub, Pçelnikovun cavan gəlini də ilk qarına oğlan doğub. Marya Pavlovna bu haqda elə-belə danışmaq istəyirdi, di gəl, oğlunun pörtməsini, pensnesini tez-tez çıxarıb taxmasını, tələsik papiros yandırmasını görəndə özü də utandı. Səsini kəsdi. Yevgeni də danışmırdı və bu sükutu pozmaq üçün bir söz tapa bilmirdi. Hər ikisi başa düşdü ki, anlayıblar bir-birini.
– Bəli, hər şeydən əvvəl, kənddə ədalət hökm sürməlidir. Daha əmin kimi, birini əzizləyib, qalanlarını gözdən salmaq yaramaz.
– Anacan, – birdən Yevgeni dilləndi, – bunu nə üçün dediyinizi yaxşı bilirəm. Nahaq yerə narahat olursuz. Gələcək ailə həyatı mənim üçün elə müqəddəsdir ki, ona xələl dəyməsinə heç vaxt razı olmaram. Amma subaylığımda olan şeylər də tamamilə qurtarıb. Və mən heç vaxt, heç bir əlaqəyə girməmişəm, heç kim də məndən heç nə tələb eləyə bilməz.
– Lap yaxşı, mən şadam, – anası dedi. – Sənin alicənab fikirlərindən xəbərdaram.
Yevgeni bu sözləri özünə verilən qiymət kimi qəbul edib susdu.
Ertəsi gün tezdən adaxlısı barədə, dünyada Stepanidadan savayı hər şey barədə fikirləşə-fikirləşə şəhərə yola düşdü. Lakin kilsəyə yaxınlaşanda, elə bil kilsədən qayıdan camaatla qəsdən qarşılaşdı ki, o, yadına düşsün. Əvvəl qoca Matveylə Semyon, cavan oğlanlar və qızlar göründülər, sonra da yaşlı bir qadın və bir də ona nə isə tanış gələn bərbəzəkli, al qırmızı yaylıq örtmüş cavan qadınla rastlaşdı. Yüngül, gümrah addımlarla yeriyən bu gəlinin qucağında uşaq vardı. Bərabərləşəndə yaşlı qadın köhnə qaydayla ayaq saxlayıb, təzim elədi, uşaqlı gəlin isə təkcə başını əydi və yaylığın altından ona tanış olan gülümsər gözlər parıldadı.
«Bəli, odur, amma hər şey qurtarıb və daha ona tərəf baxmağa dəyməz. Və bəlkə uşaq da mənimdir, – ağlından bir fikir keçdi, – Yox, cəfəngiyatdır. Onun yanına gəlsə də, əri vardı». Yevgeni heç vaxtı da hesablamadı. Özlüyündə qərara almışdı ki, bu iş onun sağlamlığı üçün lazım idi və o bundan ötrü pul verirdi, başqa heç nəyin dəxli yox idi ona; Stepanida ilə onun arasında heç bir əlaqə yoxdur, olmayıb, ola bilməz və olmamalıdır. O, nəinki vicdanının səsini boğmağa çalışmırdı, vicdanın özü heç nə demirdi və anasıyla söhbətdən və yolda rast gəlməsindən sonra, bir dəfə də olsun onu xatırlamadı.
Yaz ağzı Yevgeni şəhərdə nikahlandı və nikahdan dərhal sonra arvadını da götürüb, kəndə yola düşdü. Evi adəti üzrə cavan ər-arvada layiq bəzəyib, sahmanlamışdılar. Marya Pavlovna çıxıb getmək istəyirdi, Yevgeni, əsasən isə Liza onu qalmağa razı saldı. Amma həyətdəki ayrıca evə köçdü.
Və Yevgeninin yeni həyatı başlandı.
Ailə həyatının birinci ili Yevgeni üçün çətin oldu. Ona görə çətin oldu ki, elçiliyə başladığı vaxt birtəhər təxirə saldığı işlər indi, evlənəndən sonra hamısı birdən tökülmüşdü üstünə.
Borclardan yaxa qurtarmaq mümkün olmadı. Bağ mülkünü satıb, ən vacib borcları qaytardı, amma hələ borcu qalmışdı, pul isə yox idi. Torpaqları yaxşı gəlir verdi, amma o, qardaşına da pul göndərməli, toy üçün ayırmalı idi, bir sözlə pul yox idi, zavodu da dayandırmaq lazım gəlirdi. Bu vəziyyətdən bircə çıxış yolu vardı ki, o da arvadının pullarından istifadə eləmək idi. Ərinin vəziyyətini başa düşən kimi Liza özü bunu tələb elədi. Yevgeni razı oldu, amma bir şərtlə ki, mülkünün yarısı üçün arvadının adına qəbalə düzəltdi. Əlbəttə ki, bunu arvadına görə eləmədi, bununla təhqir etmiş olardı onu, qaynanasından yana düzəltdi qəbaləni.
Evliliyinin birinci ilində Yevgeninin həyatını zəhərləyən bir həmin bu işlər idi – gah müvəffəqiyyətli olur, gah da uğursuzluq gətirirdi, – ikincisi isə arvadının xəstəliyi idi. Evlənmələrindən yeddi ay sonra Lizaya bədbəxtlik üz verdi. O, şəhərdən qayıdan ərini qarşılamaq üçün şarabana2 minib, yala çıxdı, at dinc at idi, amma bir balaca oynaqladı. Liza qorxub, arabadan yerə atıldı. Yaxşıdı ki, hələ təkərə ilişmədi. Artıq hamilə idi, elə həmin axşam ağrıları başlandı və uşaq saldı və bundan sonra uzun müddət özünü düzəldə bilmədi. Gözlədiyi uşağı itirməsi, arvadının xəstələnməsi və bununla bağlı qanqaralıq, başlıcası isə Lizanın xəstələnməsini eşidən kimi onlara köçmüş qayınanası Yevgeninin həyatını dözülməz eləmişdi.
Lakin vəziyyətin belə ağır olmasına baxmayaraq, bu birinci ilin axırında Yevgeni özünü çox yaxşı hiss eləyirdi. Əvvəla, öz məqsədinə – dağılmış təsərrüfatı babasının vaxtındakı kimi, amma yeni formada bərpa edib qaydaya salmaq arzusuna çətinliklə də olsa, çatmaqda idi. İndi artıq borcları ödəmək üçün bütün mülkü satmaq barədə heç söhbət də ola bilməzdi. Əsas malikanə arvadının adına yazılsa da, xilas edilmişdi və əgər çuğundur yaxşı məhsul versə, qiymətlər də yaxşı olsa, onda gələn il bu gərginliyi və ehtiyacı gen-bolluq əvəz eləyəcəkdi. Bu, işin bir tərəfiydi.
Özünü yaxşı hiss eləməyinin ikinci səbəbi bu idi ki, arvadından çox razıydı, ondan hər nə gözləsəydi, hər halda indi gördüyünü gözləmirdi, gözlədiyindən qat-qat artıq idi qabağına çıxan. Cəhd göstərməyinə baxmayaraq, məhəbbətdən doğan heyranlıq, vəcd, riqqət alınmırdı, alınsa da, çox zəif çıxırdı; lakin bütün bunlar həyatlarının şən, fərəhli, yüngül keçməsinə səbəb olurdu. Yevgeni bunun səbəbini bilməsə də, beləydi.
Səbəb isə bu idi ki, nikahdan dərhal sonra Liza özünə təlqin elədi ki, bir dünya adamın içərisində hamıdan ağıllısı, yüksəyi, təmizi, nəcibi, mərhəmətlisi Yevgeni İrtenevdir və buna görə də hamının vəzifəsi bu İrtenevə qulluq göstərməkdir. Di gəl, hamını buna məcbur eləmək mümkün deyil və buna görə də özü eləməlidir, bütün gücünü, bacarığını əsirgəməməlidir bundan yana. Liza belə də eləyirdi, qəlbinin bütün gücünü ərinin nələri sevdiyini, nələrdən xoşu gəldiyini müəyyənləşdirməyə, yaratmağa, düzəltməyə sərf edirdi.
Lizada ərini sevən qadına məxsus bütün xüsusiyyətlər vardı və ərinə olan bu həqiqi məhəbbətin sayəsində o, Yevgeninin ürəyindən keçəni o saat duyurdu. Yevgeniyə belə gəlirdi ki, ürəyindəkiləri arvadı onun özündən qabaq hiss eləyir. Liza onun ovqatının nə vəziyyətdə olduğunu duyur və buna uyğun da davranır, buna görə də heç vaxt ərinin hisslərinin təhqir olunmasına yol vermir, əksinə, ovqatı təlx olanda – yüngülləşdirməyə, kök olanda isə bunu daha da artırmağa çalışırdı. Liza onun təkcə hisslərini yox, fikirlərini də oxuya bilirdi. Kənd təsərrüfatı ilə, zavodla, təhkimli kəndlilərlə bağlı, özü də ona son dərəcə yad olan şeylərdən baş çıxarır və bu məsələlərdə nəinki əri ilə söhbət edir, hətta Yevgeninin dediyinə görə, çox vaxt faydalı, əvəzedilməz məsləhətlər verirdi. Liza şeylərə, insanlara, bütün dünyaya yalnız ərinin gözüylə baxırdı. O, anasını sevirdi, lakin görəndə ki, anası onların işinə qarışanda Yevgeninin acığı tutur – o saat ərinin tərəfinə keçdi və özü də bunu elə qətiyyətlə elədi ki, Yevgeni sakitləşdirməli oldu onu.
Bütün bunlardan başqa, onda həddən ziyadə zövq, nəzakət, başlıcası isə səbr, həlimlik vardı. Nə eləyirdisə, hay-küysüz, hiss olunmadan eləyirdi, gözəgörünən yalnız işin nəticəsi olurdu, yəni həmişə, hər yerdə təmizlik, səliqə, gözəllik nəzərə çarpırdı. Liza ərinin həyat idealını nədə gördüyünü dərhal anladı və evdə hər şeyi elə qurdu ki, ərinin xoşuna gəlsin. Çatışmayan bircə uşaq idi ki, buna da hələ ümid vardı. Qışda onlar Peterburqa akuşerin yanına getdilər və o hər ikisini inandırdı ki, Liza tamamilə sağlamdır və uşağı olacaq.
Və onların bu arzusu çin oldu. İlin axırına yaxın Liza yenidən uşağa qaldı.
Onların güzəranını zəhərləyən, daha doğrusu xoşbəxtlik üçün qorxu törədən – Lizanın qısqanclığı idi və o bu hisslərini boğmağa çalışır, büruzə vermir, amma daxilən əzab çəkirdi. Onun fikrincə, nəinki Yevgeni heç kimi sevə bilməzdi, – axı dünyada ona layiq qadın yox idi (özünün Yevgeniyə layiq olub-olmaması barədə Liza heç fikirləşmirdi); elə buna görə heç bir qadın onu sevməyə cəsarət eləyə bilməzdi.
VII
Günləri bu qayda ilə keçirdi: adəti üzrə Yevgeni tezdən durur, təsərrüfata, zavoda baş çəkməyə gedirdi, arabir tarlaya da çıxırdı. Saat on üçün qəhvə içməyə gəlirdi. Qəhvəni Marya Pavlovna, Yevgeninin onlarda yaşayan dayısı və Liza ilə bir yerdə eyvanda içirdilər. Qəhvə süfrəsi arxasında bəzən çox canlı keçən söhbətdən sonra nahara qədər hərə öz işiylə məşğul olurdu. Saat ikidə nahar eləyirdilər. Və sonra bir yerdə gəzişir, ya da faytonla gəzməyə çıxırdılar. Axşam, Yevgeni kantordan qayıdandan sonra çay içirdilər. Bəzən Yevgeni hündürdən kitab oxuyur, Liza isə iş görürdü, ya da musiqiylə məşğul olurdular, evdə qonaq olanda isə söhbət eləyirdilər. İşiylə bağlı bir yerə gedəndə Yevgeni evə məktub yazır və hər gün arvadından məktub alırdı. Bəzən belə səfərlərdə Liza onu müşayiət edirdi və onda vaxtları çox şən keçirdi. Ad günündə evlərinə çoxlu qonaq toplaşırdı və Lizanın səliqə-sahmanının hamının xoşuna gəldiyini görəndə Yevgeni sevinir, xoşnud olurdu. Hamının onun cavan arvadına baxıb fərəhləndiyini görəndə Yevgeni onu daha çox sevirdi. Hər şey gözəldi. Liza hamiləliyi də yaxşı keçirirdi və onların hər ikisi çəkinə-çəkinə də olsa, uşağı necə tərbiyə eləyəcəklərindən söhbət açırdılar. Tərbiyə vasitələri və üsullarını Yevgeni müəyyənləşdirirdi, Liza isə itaətkarcasına onun iradəsini yerinə yetirməyə hazır olduğunu bildirirdi. Yevgeni çoxlu tibbi kitab oxuyur və gələcək uşağını elmi əsaslarla böyütmək istəyirdi. Liza isə, şübhəsiz hər şeylə razılaşır, hazırlıq görür, müxtəlif bələklər tikir, yürük düzəldirdi. Evliliklərinin ikinci ili və ikinci baharı belə başladı.
VIII
Bu, troitsa bayramından bir gün əvvəl oldu: Liza hamiləliyin beşinci ayında idi və özünü qorusa da, deyib-gülməyindən, qıvraqlığından əl çəkmirdi. Həm Yevgeninin, həm də Lizanın anası onu qorumaq bəhanəsi ilə onlarla bir yerdə qalır, öcəşmələri ilə Lizanı narahat edirdilər. Yevgeninin başı möhkəmcə təsərrüfata qarışmışdı, xeyli genişləndirdiyi çuğundur sahələrinin becərilməsi ilə məşğul idi.
Troitsa bayramı ərəfəsində çoxdan bəri əməlli əl gəzdirilməmiş evi yerli-dibli yığışdırmağı qərara aldı və qulluqçulara kömək üçün iki arvad çağırtdırdı ki, pəncərələri, döşəmələri yusunlar, mebellərin, xalçaların tozunu alıb, çexollarını taxsınlar. Arvadlar tezdən gəlib, ocağın üstünə su qoydular və işə başladılar. Onlardan biri Stepanida idi. O, balaca oğlunu təzəcə süddən ayırmışdı və son vaxtlar gəzməyə başladığı kontorçudan xahiş eləmişdi ki, ağanın evinə işləməyə onu göndərsin, çünki Yevgeninin arvadını yaxından görmək istəyirdi. Stepanida əvvəlki kimi tək yaşayırdı və əvvəlki işdəklərindən qalmırdı; meşədən odun oğurlayıb gətirəndə onu tutmuş qoca Danila ilə, sonra ağa ilə gəzdiyi kimi, indi cavan kontorçu ilə gəzirdi. Ağa barədə heç düşünmürdü. də. Fikirləşirdi ki, «indi onun arvadı var. Amma ağanın arvadına baxmaq, ev-eşiyini görmək pis olmazdı, deyirlər yaxşı səliqəsi var».
Yevgeni onu axırıncı dəfə elə o vaxt, kilsədən qayıdanda, qucağı körpəli görmüşdü. Körpəsi olduğundan günəmuzd işə çıxmırdı, Yevgeni isə kəndin içində az-az olduğundan rast gəlməmişdi ona. həmin səhər Yevgeni lap tezdən, saat beşdə durub, fosforit səpiləcək herikə qoyulmuş tarlaya yola düşmüşdü. Evdən çıxanda arvadlar hələ içəri girməmişdilər, ocağın yanında vurnuxurdular.
Yevgeni şən və razı halda evə qayıtdı, möhkəm acmışdı. Darvazanın ağzında atdan düşdü, yüyəni bağbana verdi. Səhərdən bəri ağlından çıxmayan sözü ürəyində təkrar eləyə-eləyə evə sarı addımlayır, yolun qırağındakı hündür otları qırmancla qılınc kimi çalırdı. Təkrar elədiyi söz isə bu idi: «Fosforitlər özünü doğruldacaq», – di gəl, harada, kimin qarşısında doğruldacaq – bunu bilmir, heç fikirləşmirdi də bu haqda.
Çəmənlikdə xalçanı çırpırdılar. Mebel də həyətə çıxarılmışdı.
«Vay nənə! Liza nə böyük yır-yığışa başlayıb! Fosforitlər özünü doğruldacaq. Ev sahibəsi belə olar. Əsl sahibə! Bəli, sahibə, – öz-özünə dedi və o saat da ağ paltar geymiş, sevincdən alışıb yanan Lizanı təsəvvüründə canlandırdı; ona baxanda Lizanın üzündə həmişə belə fərəh olurdu. – Hə, çəkmələri dəyişmək lazımdır, yoxsa fosforitlər özünü doğruldar, yəni peyin iyi verir çəkmələrim, mənim qəşəng sahibəciyimə bu vaxtında pis iy ziyandır. Vəziyyəti niyə belə olub? Çünki onun bətnində balaca İrtenev yavaş-yavaş boy atır, – fikirləşdi. – Bəli, fosforitlər özünü doğruldacaq». Və öz fikirlərinə gülümsəyib otağının qapısını itələdi.
Amma qapıya əməlli güc gəlməmişdi ki, öz-özünə açıldı və o, ətəklərini tumanının lifəsinə taxmış, qolları çırmalı, əlində vedrə olan bir arvadla burun-buruna toqquşdu. Yevgeni kənara çəkildi ki, arvada yol versin, arvadsa əlinin arxa tərəfiylə dala əyilmiş yaylığını düzəldib dedi:
– Keç, keç, siz keçməsəz, mən… – Yevgeni dilləndi və birdən onu tanıyıb dayandı.
O, gözləriylə gülümsünüb, şuxluqla Yevgeniyə baxdı. Və tumanının ətəklərini dartıb, qapıdan çıxdı.
«Bu nə həngamədir? Nədir bu?.. Ola bilməz», – Stepanidanı öz evində görməsindən narahat olan Yevgeni dilxor-dilxor fikirləşdi. Onu burda görməsindən narazı olsa da, qüvvətli yalın ayaqlarını atdıqca titrəyən bədənindən, əllərindən, çiyinlərindən, köynəyinin qəşəng qırçınlarından, ətəkləri ağ baldırlarından xeyli yuxarı lifəyə taxılmış qırmızı tumanından gözlərini ayıra bilmirdi.
«Bu nədi, niyə baxıram ona, – fikirləşib gözlərini yumdu ki, onu görməsin. – Hə, nə isə, içəri keçib, o biri çəkmələri götürmək lazımdır». Və otağına keçmək üçün geri döndü; amma heç beş addım da atmamışdı ki, heç özü də bilmədən, elə bil kiminsə əmriylə onu bir də görmək üçün dönüb, geriyə boylandı. Stepanida dəhlizin döngəsinə çatmışdı və bu vaxt o da bir anlığa Yevgeniyə tərəf döndü.
«Ah, mən neyləyirəm, – o, daxilən öz üstünə qışqırdı. – Fikirləşər ki, unutmamışam onu. Yəqin artıq fikirləşib də».
O, döşəməsi hələ də yaş olan otağına adladı. O biri qadın, arıq, qoca arvad hələ içəridəydi, döşəməni yuyurdu. Yevgeni barmaqlarının ucunda yerdəki çirkli suyun üstündən adlayıb, divara tərəf getdi ki, çəkmələrini götürsün, bu vaxt qarı da otaqdan çıxdı.
«Bu getdi, indi Stepanida təkcə qayıdacaq bura», – elə bil qəlbində kimsə, başqa bir adam danışmağa başladı. «İlahi, mən nə fikirləşirəm, nə eləyirəm!» O, çəkmələri qapıb, dəhlizə yüyürdü, orda ayağına geyib təmizlədi və eyvana çıxdı. Anası ilə qayınanası artıq burdaydılar, qabaqlarında qəhvə oturmuşdular. Liza isə çox güman onu gözləyirmiş, eyvana onunla bir vaxtda, o biri qapıdan daxil oldu.
«İlahi, məni belə təmiz, namuslu, günahsız sayan Liza bilsəydi!» – öz-özünə dedi.
Liza onu həmişəki kimi, sevinclə qarşıladı. Amma bu dəfə o, Yevgeniyə daha solğun, saralmış, uzun və zəif göründü.
IX
Qəhvə süfrəsi arxasında, əvvəllər də tez-tez olduğu kimi, heç bir məntiqi əlaqəsi olmayan qadın söhbəti gedirdi, amma bu söhbət qırılmırdı, deməli, görünür nə iləsə bağlanırdı.
Xanımlar öcəşirdilər bir-biriylə, Liza isə məharətlə manevr eləyirdi.
– Təəssüf ki, sən qayıdana kimi otağını yuyub-yığışdıra bilmədik, – o, ərinə müraciət elədi. – Elə istəyirəm ki, evi tez sahmana salam.
– Məndən sonra yata bildinmi heç?
– Hə, yatdım, özümü yaxşı hiss eləyirəm.
– Belə dözülməz istidə, pəncərələri də ki, üzü günəşə olan evdə onun vəziyyətində olan qadının halı necə ola bilər, – Lizanın anası, Varvara Alekseyevna sözə qarışdı. – Özü də pəncərələrin jalüzü və markizi yoxdur. Bizim pəncərələrin hamısı markizlidi.
– Nə danışırsız, saat ondan sonra otaq kölgə olur.
– Elə titrətmə-qızdırma da ondandı da. Rütubətdəndi. – Varvara Alekseyevna elə indicə dediyinin tam əksini söylədiyinin fərqinə varmadan dedi. – Mənim həkimim həmişə deyirdi ki, xəstənin xarakterini bilmədən, heç vaxt xəstəliyi müəyyən etmək olmaz. Onun sözlərinə inanmamaq olmaz, çünki ən məşhur həkimdir, biz yüz manat veririk ona rəhmətlik ərim həkimlərə inanmasa da, mənnən yana heç nəyini əsirgəmirdi.
– Kişi pulunu arvadından necə əsirgəyə bilər ki, arvadının və uşağının həyatı bəlkə də bundan…
– Bəli, arvadın öz pulu olsa, ərindən asılı olmaya bilər. Yaxşı arvad ərinə qulaq asmalı, ona itaət eləməlidir, – Varvara Alekseyevna cavab verdi, – di gəl, Liza xəstəlikdən qalxdığı üçün hələ çox zəifdir.
– Yox, anacan, mən özümü çox gözəl hiss eləyirəm. Bu nədi, pörtülmüş gavalı verməyiblər hələ sizə?
– Mənə lazım deyil. Mən çiyini də yeyə bilərəm.
– Mən Varvara Alekseyevnaya təklif elədim, istəmədi, – Marya Pavlovna elə bil özünü safa çıxarmaq üçün dedi.
– Lazım deyil, nə isə ürəyim istəmir bu gün, – Varvara Alekseyevna söhbəti kəsməklə, özünü güzəştə getmiş kimi göstərib, Yevgeniyə müraciət elədi. – Hə, necə oldu, fosforitləri səpə bildiniz?
Liza gavalı dalınca qaçdı.
– Dedim ki, istəmirəm, lazım deyil.
– Liza! Liza! Yavaş tərpən, – Marya Pavlovna qışqırdı. – Belə cəld hərəkətlər zərərdir ona.
– Qəlbi narahat deyilsə, heç bir zərəri olmaz. – Varvara Alekseyevna heç bir səbəb olmadığını bilə-bilə, nəyəsə eyham vururmuş kimi dilləndi.
Liza gavalı götürüb qayıtdı. Yevgeni qəhvəsini içə-içə, qaşqabaqlı halda qulaq asırdı. O belə söhbətlərə alışmışdı, di gəl bu söhbətlərin mənasızlığı bu gün onu yaman hirsləndirirdi. Bir az bundan əvvəlki hadisə ilə əlaqədar qəlbində baş qaldırmış təbəddülat barədə fikirləşmək istəyirdi, bu vağ-vuğ isə mane olurdu ona. Qəhvə içəndən sonra Varvara Alekseyevna kefi pozulmuş haldaca qalxıb getdi. Süfrə arxasında Liza, Marya Pavlovna və bir də Yevgeni qaldı. Onlar açıq, səmimi söhbət eləyirdilər. Lakin Liza məhəbbətin gücündən doğan həssaslıqla hiss elədi ki, Yevgeni nədənsə əzab çəkir və soruşdu ki, bəlkə nəsə xoşagəlməz bir şey olub. Yevgeni bu sualı gözləmədiyindən, bir qədər tutuldu, sonra dedi ki, heç nə olmayıb. Və bu cavab Lizanı düşünməyə daha çox məcbur elədi. Onun nədənsə əzab çəkdiyinə Liza şübhə eləmirdi, südün içinə düşmüş milçəyə biganə halda baxan ərini necə aydın görürdüsə, bunu da aydınca görürdü.
X
Səhər yeməyindən sonra dağılışdılar. Adəti üzrə Yevgeni öz kabinetinə yollandı, kabinetinə keçəndən sonra nə oxuya, nə də yaza bildi, oturub papirosu papirosa caladı. Evlənəndən bəri artıq can qurtardığını fikirləşdiyi bu murdar hissin yenidən baş qaldırması onu dəhşətli dərəcədə kədərləndirmişdi. O vaxtdan bəri onda nə tanıdığı həmin qadına qarşı, arvadından savayı heç bir qadına qarşı belə bir hiss oyanmamışdı. Bu hissdən azad olduğuna görə qəlbində dəfələrlə sevinmişdi və budur, son dərəcə əhəmiyyətsiz görünən bir təsadüf açıb göstərdi ki, demə azad olmayıbmış bu hissdən. İndi ona əzab verən heç də təzədən bu hissə tabe olması, həmin qadını arzulaması deyildi, – bu haqda heç fikirləşmək də istəmirdi, – onda bu hissin tamamilə məhv olmaması və ona qarşı sayıq olmaq zərurətinin meydana çıxması idi: Bu hissi boğub məhv eləyəcəyinə qəlbində tamamilə əmin idi.
O bir məktuba cavab yazmalı və bir sənəd düzəltməli idi. Yazı masasının arxasına keçib işə başladı. İşini qurtardı, ayağa qalxıb tövləyə getmək istəyəndə, bayaqdan onu narahat edən şeyləri unutmuşdu. Bədbəxtlikdən – bədbəxt təsadüfdənmi və ya qəsdənmi artırmaya çıxanda, döngədən yenə həmin qırmızı tuman və qırmızı yaylıq göründü və əllərini yellədib, ləngər vura-vura onun yanından ötüb keçdi. Nəinki ötüb keçdi, az qala oynaya-oynaya onun yanından qaçıb, o biri qadına çatdırdı özünü.
Və yenə də günəşli gün, gicitkən kolları, Danilanın qarovulxanasının dalındakı ağcaqayının, kölgəsində dişi ilə yarpaqları didişdirə-didişdirə onu gözləyən Stepanidanın gülümsər üzü onun təsəvvüründə canlandı.
«Yox, belə qoymaq olmaz bunu», – öz-özünə fikirləşib, arvadların gözdən itməsini gözlədi, sonra kantora yollandı. Nahar vaxtı çatmışdı və o, prikazçiki kantorda görəcəyinə ümid edirdi. Elə də oldu. Prikazçik yuxudan təzəcə durmuşdu. O, kantorun ortasında dayanıb gərnəşir, nə barədəsə ona məlumat verən malabaxana əsnəyə-əsnəyə qulaq asırdı.
– Vasili Nikolayeviç!
– Nə buyurursuz?
– Sözüm var sizinlə.
– Nə buyurursuz?
– Söhbətinizi qurtarın, sonra.
– Bəs gətirməyəcəksən? – Vasili Nikolayeviç malabaxandan soruşdu.
– Ağırdı, Vasili Nikolayeviç.
– Nədir ki? – Yevgeni soruşdu.
– İnək çöldə doğub. Yaxşı, zərər yoxdu, bu saat deyərəm, atları qoşarlar. Nikolaya de. Lısuxanı qoşun.
Malabaxan getdi.
– Bilirsinizmi, – qızardığını hiss eləyən Yevgeni sözə başladı – Bilirsiniz, Vasili Nikolayeviç. Subay vaxtlarımda burda mənim bəzi günahlarım olub… Bəlkə də eşitmisiz…
Vasili Nikolayeviç gözləri ilə gülür və görünür, ağasına yazığı gəlirdi. O dedi:
– Stepaşka barədə deyirsiz?
– Hə də. Hə, məsələ belədir. Rica eləyirəm, rica eləyirəm sizdən, onu bir də bizim evə işə göndərməyin. Başa düşürsünüz də, pis təsir eləyir mənə…
– Hə, görünür kantorçu Vanya göndərib onu.
– Rica eləyirəm… Hə, doğrudan, bu gün fosforitin qalanını səpəcəklərmi? – Yevgeni pərtliyini gizlətmək üçün soruşdu.
– Bəli, indi gedirəm ora.
Söhbət bununla da qurtardı. Və Yevgeni fikirləşdi ki, onu görmədən bir il necə yaşamışdısa, bundan sonra da yəqin belə olacaq və sakitləşdi. «Bundan başqa, Vasili kantorçu İvana, İvan da ona deyər, o da başa düşər ki, mən istəmirəm», – Yevgeni fikirləşir və sevinirdi ki, onun üçün çətin olsa da, özünü ələ alıb, danışa bildi Vasili ilə. «Bəli, hər şey, hər şey o şübhədən, o biabırçılıqdan yaxşıdır». O, fikrən elədiyi həmin cinayət barədə düşünəndə belə sarsılırdı.
XI
Həyaya üstün gəlib, Vasili Nikolayeviçlə o barədə danışmaq üçün göstərdiyi mənəvi səylər Yevgenini sakitləşdirdi. Ona elə gəlirdi ki, daha hər şey qurtardı. Liza isə o saat hiss elədi ki, o daha əzab çəkmir, sakitləşib. Həmişəkindən şəndir. «Yəqin analarımızın öcəşməsi kədərləndirirmiş onu. Doğrudan da, ağırdır, belə həssas və nəcib insan olan Yevgeni üçün bu qeyri-səmimi, ədavətli eyhamlar çox ağırdır», – Liza fikirləşirdi.
Ertəsi gün Troitsa bayramı idi. Hava gözəl idi və adəti üzrə çələng hörmək üçün meşəyə yollanan arvadlar ağanın evinin qabağına toplaşdılar və oxuyub-oynamağa başladılar. Gözəl, bəzəkli paltar geyib, çətir götürmüş Marya Pavlovna və Varvara Alekseyevna artırmaya çıxıb, arvadlara yaxınlaşdılar. Yevgeninin pozğunluqdan və əyyaşlıqdan şişib lalıxlamış dayısı da onlarla bir yerdə idi.
Həmişə olduğu kimi rəngbərəng paltarlar geymiş cavan arvadların və qızların dəstəsi şənliyin mərkəzi idi, ətrafında isə ondan qopub ayrılmış planetlər və peyklər kimi onun həndəvərində fırlanan kiçik dəstələr vardı. Bunlar ya sətin paltarlarını xışıldada-xışıldada oynayan qızların, ya ora-bura qaçışan, bir-birini qovan balaca oğlanların, ya göy və qara kaftan, qırmızı köynək geyib, başlarına kartuz qoymuş tum çırtlayan cavan oğlanların dəstələri, ya da həyət adamları və ya şənlənənlərə uzaqdan tamaşa eləyən kənar adamlar idi. Hər iki xanım mərkəzdəki dəstəyə yaxınlaşdı, onların da ardınca mavi enliqol paltar geyib, saçlarına şənlənən qadınlar təki rəngbərəng lentlər bağlamış Liza gəldi.
Yevgeni çölə çıxmaq istəmirdi, amma evdə gizlənmək də gülməli görünə bilərdi. O da, damağında papiros artırmaya çıxdı və oğlanlarla, mujiklərlə salamlaşıb, onlardan biri ilə söhbət eləməyə başladı. Arvadlar isə öz işlərində idilər, ağızlarına güc verib, oyun havası çalır, çəpik vura-vura oynayırdılar.
– Xanım çağırır sizi, – uşaqlardan biri Lizanın səsini eşitməyən Yevgeniyə yaxınlaşıb dedi. Liza onu oynayan arvadlara və onun xüsusilə xoşuna gələn cavan bir qadına baxmağa çağırırdı. Həmin qadın Stepaşa idi. O, sarı sarafan, iplik məxmərdən canlıq geymişdi, yanaqları alışıb yanırdı. Görünür, qəşəng oynayırmış, Yevgeninin bundan xəbəri yox idi.
– Hə, hə, – o, pensnesini çıxarıb, yenidən taxdı. Ürəyində isə fikirləşirdi ki, «canımı qurtara bilməyəcəyəm bundan».
Yevgeni baxa bilmirdi, çünki onun qəşəngliyindən qorxurdu və gözucu baxdığından Stepanida ona daha gözəl görünürdü. Bundan başqa, gözlərinin parıltısından hiss eləyirdi ki, Stepanida da onu görüb. O, ləyaqət xatirinə bir qədər də dayandı və gördü ki, Varvara Alekseyevna Stepanidanı yanına çağırdı, saxta bir təbəssümlə ona «əzizim» deyib, söhbət eləməyə başladı. Yevgeni bundan istifadə edib getdi, evə qayıtdı. Stepanidanı görməmək üçün evə adladı, lakin ikinci mərtəbəyə qalxan kimi heç özü də bilmədən pəncərəyə yaxınlaşdı və nə qədər ki, qadınlar ordaydılar, o da pəncərənin qabağından çəkilmədi, Stepanidaya tamaşa eləyib, ləzzət aldı.
Heç kəs görməsin deyə pəncərənin qabağından qaçdı, sonra balkona adladı, papiros yandırdı, guya gəzişirmiş kimi bağa keçdi, Stepanidanın getdiyi tərəfə yollandı. Heç iki addım atmamışdı ki, ağacların arasında Stepanidanın sarı sarafanını, qırmızı yaylığını gördü. O başqa bir qadınla gedirdi. «Görəsən hara gedirlər?».
Və birdən güclü bir şəhvət baş qaldırdı daxilində, elə bil yandırdı onu bu hiss, sanki ürəyini ələ alıb sıxdılar. Yevgeni elə bil yad bir qüvvənin təkidilə onun dalınca getdi.
– Yevgeni İvanıç, Yevgeni İvanıç! Lütf edin, – arxadan səs eşidib döndü, onun üçün quyu qazan qoca Samoxin idi. Yevgeni elə bil ayıldı, Samoxinə tərəf getdi. Onunla söhbət eləyə-eləyə bir balaca yana çevrilib gördü ki, Stepanida ilə yanındakı qadın aşağıya, quyuya tərəf endilər, bəlkə də quyu bəhanə idi, bir az orda qalıb, oxumaqda olan arvadlara tərəf qaçdılar.
Bepul matn qismi tugad.