Kitobni o'qish: «Nağıllar Diyarına Səyahət»

Shrift:

Copyright © Gyldendal Norsk Forlag AS

Tərcüməçi: Anar Rəhimov

Redaktor: Nurlanə Rəhimova

Kompüter dizaynı: Turqut Q.

Alatoran Publishing House www.alatoran.org

e-mail: qaraca.turqut@gmail.com Tel.:+994503163082

ISBN:978-9953-8069-9-1

This translation has been published with the financial support of NORLA

I Bölüm

Sentyabrın əvvəlidir. Sankt-Peterburqdayıq. Hələ məni dövlət təqaüdü ilə gedəcəyim Qafqaza, Şərqə, İran və Türkiyəyə səfərlər gözləyir. Axırıncı bir ili keçirdiyimiz Finlandiyadan buraya gəlmişik.

Düz 200 il bundan qabaq Böyük Pyotr 19 bataqlıq adası üzərində bu şəhəri inşa edib. Təmtəraqlı Qərbi Avropaya xas kazarmaların Bizans tikililərini və əcaib daxmaları əvəz etdiyi, qəribə şəkildə hissələrə bölünmüş bu qarışıq şəhəri hər yerdən Neva çayı kəsib keçir. İri muzeylər, qalereyalar, köşklər, çardaq və qeyri-adi evlər günəşin şüaları altında mürgüləyir. Ruslar şəhəri daha quru bir əraziyə köçürmək hazırlığındadır, ancaq Rusiyanın özünün köçürülməsindən də bu cür asanlıqla danışmaq olar. Sankt-Peterburqda yerindən qaldırılması, sadəcə, mümkün olmayan şeylər var: Qış Sarayı, Ermitaj, Petropavlovsk Qalası, İsanın Dirilməsi kilsəsi, İsakiyev məbədi. Rusiyanın başqa yerə köçürülməsi ancaq elə Sankt-Peterburqun köçürülməsi deməkdir, çünki şəhər getdikcə genişlənir və böyüyürdü.

Peterburqda çox az qaldıq. Tutqun və soyuq hava hakim idi, 10 dərəcə istilik vardı, parklar və bağlar çılpaq görünürdü. İlk dəfə həyatımda vəsiqəmi götürüb Birləşmiş Krallıq səfirliyinə getməli idim. Vaxtında gəlməmişəm. Kontor bağlıdır. Səfirliyin qabağında dayanan cavan bir oğlan məktub oxuyur. Əlində qızıl başlığında tac olan əsa var. Xarici görünüşündən rus olmadığı bilinir, şlyapamı götürüb ona norveç dilində müraciət edirəm. O isə isveç dilində səfirliyin qəbul saatlarını mənə izah edə biləcəyini deyir.

Deyildiyi vaxtda qayıdıram. Həmin cavan oğlan da buradadır. Oğlan burada hərbi attaşe kapitanı Berlinqdir; sonradan adı qəzetlərdə polkovnik Börnşernlə münasibəti ilə əlaqədar olaraq tez-tez hallanacaq.

Öz günahım ucbatından pasportu vaxtında almadığıma görə səfirlikdə bir sıra çətinliklər yarandı. Lakin məni vəziyyətdən baron Falkenberq çıxardı. O, qırmızı rəngdə üstündə gerb olan iri bir pasport yazdı. Daha sonra bütün Asiya səfirliklərini gəzib yazdığı kağıza qəribə, müxtəlif işarə, nişan və möhürlər vurdurdu. Həmin gün baronun köməyi olmasaydı, heç cür yola çıxa bilməyəcəkdik, bu səbəbdən ona hədsiz minnətdaram.

Dünya necə balaca imiş! Mən Peterburqun küçələrindən birində qəfildən tanışlarımdan biri ilə qarşılaşıram.

Axşam düşəndə zamanından öncə Nikolayev vağzalına gəlirik. İlk dəfə burada ikonaların qarşısında yanan şamlar görürəm. Qapılar açılanda həm lokomotivlərin fısıltı, həm də təkərlərin gurultu səsi gəlir, amma bu səslərə rəğmən ikonaların qarşısında şamlar gecə-gündüz yanır. Onlar sakitcə sayrışaraq ikipilləli kiçik səcdəgaha bənzəyirlər.

Ruslar onların qabağında dayanıb xaç çəkirlər. Xaç çəkir, əyilir, təzim edir və yenidən xaç çəkirlər; bunu adət etdikləri üçün cəld icra edirlər. Deyilənə görə, ruslar bu ayinlər yerinə yetirilməmiş səfərə yollanmır, analar övladlarını müqəddəslərin yanına gətirirlər, sinələrində ordenlər düzülən zabitlər uzun müddət təzim edir, xaç çəkir, yaxşı yol üçün dualar edirlər.

Bayırda isə lokomativ və təkərlər guruldayır; bağıran Amerika.

Qvardiyaçılar daxil olur; onlar qırmızı haşiyəli papaq geyiniblər. Onlar Rusiyanın fərqli bölgələrindən gələn zadəganlardır. Peterburqa gəldikləri ilk gündən tövlədə dördatlı qoşqu, evdə isə xeyli nökər saxlayırlar. Bu yolla hərbi mükəlləfiyyətlərini yerinə yetirir və adi zabitlərdən uzaq gəzirlər. Cavan bir qvardiyaçı daxil olur, eyni cür geyinmiş 3 nökər isə onun əşyalarını stansiyaya daşıyır. İşləyərək qocalan bir nökər limitsiz qayğısı ilə gənc ağasını bezdirir, onu tərif edən isimlərlə çağırır. Sahibi hər dəfə təkəbbürlü gülümsəmə ilə cavab verir və işləri digər nökərlərə gördürərək onu qayğılardan xilas edir. Yol üçün nökərlərdən yalnız birini seçir.

Biz sol əl barmaqlarına brilyant qaşlı üzüklər taxan gənc və gözəl xanıma diqqət edirik. Onun hər barmağında 3–4 üzük var, bu heyranedicidir, bütün oynaqları üzüklərlə örtülüb. Əsilli olduğu bilinən bu xanım girişdə faytonları dayanan 2 yaşlı xanımla sağollaşır. Qatar yola düşməyə hazırlaşır; xanımı isə 2 xidmətçisi müşayiət edir.

Beləliklə, Peterburqu böyük sevinclə tərk edirik. Həyat yoldaşım plaşından başqa bir şeyi unutmayıb.

Yol yoldaşlarımız fin mühəndis və arvadıdır – Bakıda Nobelin yanında xidmət etsələr də, uzun illər Rusiyada yaşamış ən mehriban və gülərüz ailə. Onlar bakılı olsa da, ana dilləri rus dilidir. Kiçik bir qızları da var.

Qatarın bölmələri hamısı yataqlıdır. Sərnişinlərin sayı çoxdur, yol yoldaşlarım qatara dağılışır, məni isə aralarında içkili bir almanın olduğu 3 nəfərin güclə yerləşdiyi dar bir kupeyə salırlar. Vaqonun hər iki tərəfində qapısı olsa da, dəhliz elə dardır ki, üz-üzə gələn iki insan güclə keçə bilir.

Biz böyük Rus diyarına ayaq basırıq.

* * *

Təəssüf ki, gecənin bir yarısı oyanıram və sərxoşun xorultusu məni yuxuya getməyə qoymur. Dikəlib ona tərəf öskürürəm. O isə yuxudan durmadan tənbəl kimi digər tərəfə çevrilib xorultusuna davam edir. Ayağa durub oyatmaq üçün yatmış adama yaxınlaşıram, amma anidən xorultu kəsildiyinə görə yenidən yerimə qayıdıram. O xoruldamağa yenidən başlayır.

Xeyli müddət hərəkətsiz gözlərimi belə qırpmadan uzanıram, amma nə qədər uzandığımı bilmirəm, ona görə ki, balışımın altındakı saatımı çıxarıb baxmaq üçün əməlli əziyyət çəkməliyəm. Sonra yuxuya gedirəm.

Oyanıram. Qatar dayanıb. Hava artıq işıqlanıb, kupenin isti havası məni boğur, ona görə pəncərəni bir qədər açıram. Qəfildən bayırdan heyranedici səs eşidilir. Məndə bu səs zərif duyğular oyadır, bu səbəbdən sürətlə geyinib bayıra çıxıram. Bu, bir-birinin səsinə səs verən sığırçınlardır. Başa düşə bilmirəm ki, ilin bu vaxtı sığırçınlar buraya necə gəlib düşüb, cənuba qayıdarkən bəlkə də yolüstü dayanıblar və buranı bəyəniblər?

Hava xoş olsa da, çiskin yağış yağır. Qatar tərpənir və sərnişinlər yuxudan durur. Biz kəndlilərin daxmalarının yanından keçib gedirik, mən ancaq köynək geyinmiş kişilərin qapılarının qarşısında dayandıqlarını görürəm, eynən vətənimdə olduğu kimi. Bir stansiyada saat 7-də qatardan düşüb qəhvə içirəm; mənə frak və ağ pambıq parçadan əlcək geyinmiş, ağ qalstuk taxan xidmətçilər xidmət göstərir. "Neçəyədir?" soruşmağı öyrənirəm. Amma cavabı yaxşı başa düşə bilməsəm də, heç nə olmamış kimi xırdalanması vacib olan sikkəni uzadıram. Qalığı alıb ciddi şəkildə sayıram ki, düz olub-olmadığını yoxlayım, baxmayaraq ki, puldan heç başım çıxmır. Sonra başqalarının etdiklərini görüb mən də çay pulu kimi siniyə 20 qəpik qoyuram və vaqona daxil oluram. Özlüyümdə düşünürəm ki, Rusiyaya səyahətdə ağıllı iş görmüşəm. Tanışlarımdan qəhvə içmək istəyən birinə rast gəlsəydim, necə etməli olduğunu başa salar və "neçəyədir?" deməyi öyrədərdim. Ümumiyyətlə, həmin adama köməklik göstərərdim.

Mənə Parisdə Brede Kristensen yaxşı kömək etmişdi. Fransız dilini mənə öyrətməli idi. Deyirdi ki, fransız dilini öyrənəndən sonra italyan və ispan dillərini öyrənmək asan olacaq. Birdən-birə 3 dil deyə fikirləşirdim. “Bundan sonra portuqal dilinə keçmək bir az çətin olar” deyib məni qızışdırmaq istəyirdi, hətta baskların dilini öyrənmək üçün belə qismən də olsa məni ümidləndirmişdi. Ancaq fransız dilini heç bir vəchlə öyrənə bilmədim, digər dillər isə öz-özünə sıradan çıxdı. Məndən ikiqat az çalışsa belə Brede Kristensen hazırda Leydendə misirşünaslıq üzrə professordur. Rusiyada olsaydı isə əlbəttə aciz vəziyyətə düşər və məni çağırmağa məcbur olardı.

Yol yoldaşlarım hələ də yuxudan durmamışdı. Biz düzənliklə irəliləyir, bataqlıqlar və çovdar zəmilərini ötürdük. Bəzən düzənliklərdə yarpaqlı meşələrə rast gəlirdik, eynən vətənimdə olduğu kimi, tozağacları və qızılağaclar, ağacların budaqlarında isə kiçik quşlar görünür. Kişilər və qadınlar çınqıl karxanalarında külüng və bellə işləyirlər. Bunların slavyan olduğunu düşünürəm, həmçinin özlərini germanlardan fərqli apardıqlarını görmürəm. Onlar bizim kimi geyinib, bizim qədər zəhmətsevəndirlər, sadəcə nəzər yetirərək qatarı müşahidə edir, yenidən işlərinə davam edirlər. Kərpic zavodunun yanından ötdüyümüz zaman kərpicləri qorumaq üçün günün altına düzdüklərini görürəm. Burada da fəhlələr durmadan çalışır, əli şallaqlı nəzarətçi isə ortalıqda yoxdur.

Hər yan geniş və açıqlıqdır. Sol tərəfdə meşələr uzanır, oraya gedən cığırla bir adam irəliləyir. Necə də doğma mənzərədir mənim üçün, uzun müddətdir vətənimdə olmadığıma görə hər şeyi fərəhlə izləyirəm. Yarıyacan ot basmış cığırla irəliləyən adam çiynində kisə daşıyır. “Səhər-səhər haraya gedir görəsən?” – deyə düşünürəm; ola bilsin, meşənin digər tərəfində işi var. Elə asta və düzgün addımlayır ki, bir müddət keçəndən sonra artıq onu görmürəm.

Geniş düzənlik yenidən başlayır, burada qoyun sürüsü otlayır. Uzun çomağına söykənib çoban bizə baxır. O qocadır, mən düz üzünə baxaraq ona platformadan əl yelləsəm də, cavab vermir. Bəlkə də elə bizim qədər xoşbəxtdir, ona da yeməyə bir tikə çörək, əyninə geyinməyə paltar, bir də ikona lazımdır. Amma dünyada onun üçün ən qiymətli şey kənddə kiçik səsvermə hüququna malik olmaq olardı. Bilmək istəyərdim; görəsən, mənim burada oturub onu yada saldığım kimi, o da qatardan əl yelləyən yolçunu xatırlayırmı?

Peterburqdan yola çıxandan 15 saat sonra nəhayət ki, yol yoldaşlarım ayağa dururlar. Artıq biz Moskvadayıq.

II Bölüm

Bu günə qədər dünyanın beşdə dördündə olmuşam. Hər yerdə olmamışam əlbəttə, Avstraliyada heç olmamışam, ancaq bu geniş dünyanı kifayət qədər gəzib çox şey görmüşəm. Buna baxmayaraq Moskva Kremlinə tay ola biləcək heç bir şey görməmişəm. Gözəl şəhərlər çox görmüşəm və hesab edirəm ki, Praqa və Budapeşt ən gözəllərdəndir; ancaq Moskva əfsanəvidir. Yeri gəlmişkən, rusların özlərinin də belə dediyini eşitmişəm: Maskva. Amma bunun doğru olub-olmadığını bilmirəm.

Arabaçı Spassk darvazalarının qarşısında qozlada dönərək papağını çıxarır, bizə də həmin şeyi etməyi təklif edir. Bu qaydanı çar Aleksey qoyub. Papaqlarımızı çıxarırıq, digər piyadalar da qapıdan başıaçıq keçir, arabaçı irəli sürür. Biz Kremldəyik.

Moskvada böyüklü-kiçikli 450 kilsə var, zəng qüllələrinin hər birində zənglər çalınanda milyonluq şəhərin üstündə hava titrəyir. Kremlin yüksək nöqtəsində bütün əzəməti ilə şəhəri görmək mümkündür. Yer üzərində belə bir şəhərin olduğunu təsəvvür etmirdim; hər yanda yaşıl, qırmızı, qızılı rəngdə qüllə və günbəzlər ucalır. Bu qızılı və göy rənglər xəyallarımı tünd rəngə bürüyür. Aleksandrın heykəlinin yanında dayanıb, sürahidən tutub uzaqlara baxırıq, bu anda nə desəm artıqdır, sadəcə gözlərimiz yaşarır.

Sağ tərəfimizdə topxananın qabağında Çar Topu qoyulmuşdur. Onun nəhəngliyi lokomotiv korpusunu xatırladır. Ağzının diametri düz 1 metr, mərmisi isə 1 tondur. Oxumuşam ki, ondan istifadə olunub, ancaq dəqiq tarix deyə bilmərəm, üzərində tarix kimi 1586-cı il yazılıb. Moskvalılar çox döyüşüb müqəddəs şəhərlərini dəfələrlə müdafiə ediblər. Digər bir yerdə torpağın üzərindəki kilsə zənginin yanında qənimət kimi götürülən yüzlərlə top nəzərə çarpır. Hündürlüyü 8 metrə yaxın olan Çar Zənginin içinə 20 nəfər yerləşər. Uspenski kilsəsi Kremlin yüksək nöqtəsində yerləşir.

Yer üzündə ən çox qiymətli daş-qaşa malik kilsə olsa da, bu kilsə elə də böyük deyil. Çarların tacqoyma mərasimi burada keçirilir. Qızıl, gümüş, hər tərəfdə qiymətli daş-qaş, ornamentlər, yerdən qübbəyə qədər mozaika, yüzlərlə ikonalara, patriarxların təsvirləri, İsanın surətləri, nəqqaşlıq. Kilsənin azca boş qalan bir güşəsi var ki, hər yeni çar kilsəyə hədiyyə etdiyi öz dəyərli daşını oraya bərkidir. Orada yeni çarların daşlarını gözləyən balaca bir boş hissə qalıb. Hal-hazırda divarlarda brilyantlar, zümrüdlər, sapfir və yaqutlar bərq vurur.

Kilsə gözətçisinin göstərdiyi daha bir neçə xırda şey də oradadır. Mömin moskvalılar fərqli səcdəgahların qabağında dua edirlər, ruhani səslə bunun İsanın cübbəsinin bir parçası olduğunu, şüşənin altındakı mıxın İsanın çəkildiyi çarmıxdan əldə edildiyini, ağzı bağlı yeşikdə isə Müqəddəs Məryəmin paltarının bir hissəsinin qorunduğunu izah edirlər. Böyük məmnuniyyətlə ruhaniyə və qapının ağzında dayanan dilənçilərə pul verib, kilsəni bu hekayələrə valeh olaraq tərk edirik.

Nəyisə şişirtdiyimi hiss etmirəm. Kilsə haqqındakı xartirələrimdə bir sıra yanlışlıqlar olması mümkündür, çünki orada olarkən heç bir zaman görmədiyim bu qeyri-adi sərvətə o qədər heyran olmuşdum ki, yerində qeydlər aparmaq yadıma düşməmişdi. Hər yan parlayırdı, bəzi yerlərdə zəif işıq müəyyən detalları görməyimə mane olurdu. Ancaq kilsə olduqca zəngin bir sərvət idi. Bahalı bəzək-düzəyin bolluğu həmişə xoş təsir bağışlamır, xüsusilə də divarlarda olan iri, ağır çar daş-qaşı mənasız və zövqsüz gəlirdi mənə. Sonralar papaqlarında bircə brilyant qaş olan farsları (yazıçı Bakıda yaşayan farsdilli xalqların nümayəndələrini nəzərdə tutur) görəndə isə mənə xoş təsir bağışladı.

Puşkinin heykəlinə baxdıq, bir neçə kilsəni, bir-iki sarayı, Qranovit palatasını, Tretyakov qalereyasını və bəzi muzeyləri ziyarət etdik. Moskvanı 450 pilləli Böyük İvan zəng qülləsindən seyr etdik. Şəhərin böyüklüyünü və bənzərsizliyini məhz buradan görmək lazımdır.

Dünya necə də kiçikdir. Bircə günün içində Rusiyanın mərkəzində ola-ola kapitan Tavasşternlə rastlaşıram.

Yola çıxma zamanımız müəyyən olunub. Bir gün gec getmək üçün yalvarmaq mənasızdır, hələ burada görməli o qədər şey var ki. Moltken belə bu şəhərdə başını itirib, o yazır: Moskva elə şəhərdir ki, “onu təsəvvür etmək olsa da, həqiqətdə görmək heç vaxt mümkün deyil”. Amma o özü də Moskvanı Böyük İvan qülləsindən seyr edib.

Mehmanxananın qapısı qarşısında dayandıqda qəfildən gödəkçəmin düyməsinin boşaldığını hiss edirəm. Onun ən vacib düymə olduğunu düşündüyümdən çəkib bağlamaq istəyirəm, amma lap pis olur. Əlbəttə, iynə-sap götürmüşəm, sadəcə hansı çamadanda olduğunu dəqiq bilmirəm. Məsələ də elə burasındadır. Qısacası, şəhərə dərzi tapmaq üçün yollanıram.

Getdikcə gedirəm. Rusca dərziyə nə deyildiyini bilmirəm, ancaq fincə bilirdim, Finlandiyada bir ildə artıq sərbəst danışırdım, burada isə yox. Küçələri 15 dəqiqə fırlandıqdan sonra kimin oturub tikiş tikdiyini görmək ümidi ilə dükan pəncərələrindən içəri boylanıram, ancaq bəxtim gətirmir.

Bir qapıda yaşlı bir qadın dayanıb. Bir söz demədən yanından ötüb keçmək istəyirəm, amma o, nə isə deyir, başı ilə salam verib tərpənən düyməmi göstərir. Mən başımla təsdiq edirəm: problem elə budur ki, düyməm boşalıb və dərzi axtarıram. Ona dərzi axtardığımı işarələrlə başa salıram. Başını tərpədən qadın qabağa düşüb göstərməyə başlayır. Bir neçə dəqiqə yol gedirik və qadın bir qapının qarşısında dayanır. Burada binanın yuxarısını göstərərək məni tək qoymaq istəyir və özündən razı şəkildə başını endirir. Cibimdən gümüş pul çıxarıb qadına göstərirəm və mənimlə birlikdə pilləkənləri qalxmasını istəyirəm. O ya bunu başa düşmür, ya da səhv başa düşür, ona görə də qalxmaq istəmir. Bu halda özüm birinci gedib arxamca onu da aparmaq istəyirəm. Düşünürəm ki, onun köməyi olmasa, dərzini bu böyük binada axtarıb tapmaq ağlasığmazdır. Gümüş pulu yenidən göstərib arxamca gəlməsi üçün işarə edərək özüm pilləkənləri qalxıram. Bu anda o qəribə şəkildə gülsə də, arxamca gəlir, ancaq gəlsə də başını bulayır. Qoca kələkbaz!

Elə birinci qapının qarşısında dayanıb barmağımla işarə edib sualdolu baxışlarla ona baxıram. Bu zaman həqiqətən də dərzi axtardığımı başa düşür, gülümsəməsini saxlayır, məsələnin nə yerdə olduğundan məmnun halda qabağa düşərək təşəbbüsü ələ alır. Ən yuxarı mərtəbəyə qalxıb üzərində bir neçə qəribə hərf yazılan karton lövhə olan qapını döyür. Bir kişi qapını açır. Qadın gülə-gülə uzun-uzadı bir şey danışıb məni ona təhvil verir; bu müddətdə qadınla mən bayırda idim, kişi isə qapının arxasında dayanmışdı. Sonda, kişi düyməni tikdirməkdə fikrimin ciddi və qəti olduğunu anladıqda, çünki, tikiş ləvazimatlarımı tapa bilmirəm, qapını taybatay açır. Qadına pul verəndə qəpiyə baxaraq başı ilə razılıq edir və məni general, ya da knyaz adlandırır. Bir daha təzim edərək pilləkənlərlə aşağı düşür.

Dərzinin otağındakı əşyalar bir stol, iki stul, divan və bir ikonadan ibarətdir, divarlardan dini məzmunlu rəsmlər asılıb.

Döşəmədə iki uşaq oynayır. Göründüyü kimi dərzinin arvadı evdə yoxdur, ata uşaqlarla təkdir. Mən uşaqların başını sığallayıram, onlarsa mənə göy gözləri ilə baxırlar. Dərzi düyməni tikən zaman uşaqları ilə dost oluram, onlar oynadıqları qırıq kasanı göstərərək mənlə danışırlar. Mənsə əllərimi bir-birinə vurub kasanın əla olduğunu bildirən görkəm alıram. Onlar bir çox şey axtarıb tapır və daşıyıb yanıma gətirirlər, biz başlayırıq döşəmənin üstündə ev tikməyə.

Düymə hazır olduqda soruşuram: – Nə qədər?

Dərzi bir şey desə də anlamıram.

Bildiyimə görə, dərzilərdən düymənin tikilməsinin neçəyə başa gəldiyini soruşduqda onlar bir şey lazım olmadığını deyirlər. Yaxud da nə versəniz olar. Bu, bir fənddir. Qiymət vermək özümə qalsa, düymə mənə baha başa gələcək. Özümü qraf kimi göstərib çox ödəməli olacağam. Ancaq dərzi açıq, dürüst şəkildə 25 öre tələb edib ala bilər; əgər özüm verməli olsam, 50 ödəməliyəm. İndi bu rus dərzi də “Nə versəniz olar.” deyərək fənd işlədir. Mən Rusiyadakı qiymətləri haradan bilim? Bu isə onun vecinə deyil.

Mən barmağımı sinəmə dayayıb əcnəbi olduğumu bildirdim. O gülümsünərək başını tərpətdi və cavab verdi.

Mən də təkrar etdim.

O, bu dəfə daha ətraflı cavablasa da, “qəpik” sözünü tələffüz etmədi.

O zaman yenidən özümü qraf kimi tanıtmalı oldum. Adi vətəndaş kimi istənilən qədər səyahətə cəhd etmək olar, amma heç bir əhəmiyyəti olmayacaq.

Küçəyə çıxıram və mehmanxanaya konkada qayıtmaq istəyirəm. Bir qədər gedəndən sonra konduktor yaxınlaşıb nəsə deyir. Böyük ehtimalla haraya getdiyimi soruşur deyə düşünürəm; mehmanxananın adını deyirəm. Vaqondakılar məzəmmət dolu nəzərlərlə mənə baxmağa başlayır, konduktor isə uzağı – əks tərəfi göstərir, yəni ki, mən tamamilə əks istiqamətə gedirəm, mehmanxana isə oradadır. Məcburən düşürəm.

Küçədə gəzişərkən insanların bir binaya daxil olaraq ikinci mərtəbəyə qalxdıqlarına diqqət yetirirəm. Deməli, orada baxmalı nəsə var. Mən də binaya girirəm. Pilləkəndə kimsə mənə nəsə deyir. Mən papağımı çıxarıb gülümsünürəm. Bu anda o da gülümsünür və birlikdə gedərək məni qapını açıb içəri buraxır.

Bura restorandır, içəridə yığıncaq var. Həmin adam məni təqdim edir, ətrafdakılara nəsə deməyindən mənimlə pilləkəndə necə qarşılaşdığını izah etdiyini anlayıram. Mənsə hər kəsə təzim edib iri pasportumu çıxarıram. Ancaq ondan heç kimin başı çıxmır. Adımın harada yazıldığını göstərib filankəs olduğumu deyirəm. Onlar yenə heç nə anlamır, ancaq hər şeyin qaydasında olduğunu zənn edərək məni alqışlayır. Sonra bir nəfər səhnəyə yaxınlaşıb musiqi sifariş edir. Orqan qəfildən çalmağa başlayır. “Bu, sənin şərəfinədir!” deyə fikirləşirəm və ayağa durub ətrafa təzim edirəm. Özümdən asılı olmayaraq kefim açılır, şərab istəyirəm, birlikdə içməyə xeyli adam yığılır. Zalda Moskvaya əcnəbi gəldiyi barədə şayiə dolaşmağa başlayır mənlə bağlı, odur ki, fransızca danışan bir nəfər tapıb gətirirlər; ancaq düşünürəm ki, işlər rusca da pis deyildi, hələ bir də fransız dilini o qədər də yaxşı bilmədiyimə görə bu tapılan adam heç ürəyimcə olmadı. Lakin biz ona da şərab süzüb yanımızda oturtduq.

Həyat burada rəngbərəngdir, çoxlu qəribə geyimlər var, gözəl və sadə libaslar sıra-sıra düzülüb. Yaşlı qadınla gənc bir qız piştaxtanın arxasında dayanıb. Fürsət tapan kimi cənablardan biri gənc qıza nəsə deyir və məndə elə təəssürat oyanır ki, ona ilk dəfədir belə bir təklif olunur. Bir anlığa qız duruxur, heç nə başa düşmür, sonra isə qızarır. İlk dəfə nədən qızarmaq olar?! Əlbəttə ki, xoşbəxtlikdən. İlk dəfəyə bərabər olan heç nə yoxdur həyatda! Sonra isə ancaq xəcalətdən qızarırsan.

Gedəndə pilləkənlərlə cəld aşağı düşərək iki xidmətçi çıxış qapısını üzümə taybatay açır və məni əlahəzrət adlandırır.

Yenə küçələrdə fırlanmağa başlayıram, amma harada olduğumu və evin yolunu necə tapacağımı bilmirəm. Bu müqayisəyə gəlməz hissdir, başına gəlməyən bunu bilməz, mən yolu azmışam. İstəyimə uyğun olaraq qanuni dolaşmaq hüququmdan istifadə edirəm. Nə isə yemək üçün yaxınlaşıb restorana girməyə qərar verirəm, çünki bunda da istədiyim kimi hərəkət edə bilərəm. Ancaq bura xüsusilə dəbdəbəlidir, üstəlik sarısaç, əynində frak olan lakey mənə yaxınlaşır. Elə bu dəqiqə yanından keçdiyim ilk yeri münasib bilib orada otururam.

Bura da geniş restorandır, ancaq avropasayağı olmadığı görünüşündən bilinir, qonaqlar özünəməxsus formada geyiniblər, xidməti isə gödəkçə geyinmiş iki lakey edir. Lap içəridə salonun əvəzinə bağça var.

Mən həm sərbəst, həm də məmnunam. Özüm üçün sığınacaq tapmışam və tələsmədən xeyli burada qala bilərəm. “Şi” deməyi də öyrənmişəm artıq. Bəziləri hələ öyrənir, ancaq mən artıq öyrənmişəm. Odur ki, şi – mal əti şorbasıdır deyə almanlar yazan kimi yaza bilmərəm. Çünki bu adi mal əti şorbası deyil, müxtəlif cür mal əti, yumurta, xama, və göyərtidən hazırlanan mükəmməl rus yeməyidir. Beləliklə verdiyim şi sifarişimi gətirirlər. Xidmətçi qulluğuna davam edir və fərqli təamlar gətirir. Bundan əlavə, kürü də istəyirəm, bunun doğru olub-olmadığını bilmirəm. Sonra da pivə istəyirəm.

Uzun saçları olan ruhani üzlü biri qəfildən qapıda görünüb xaç çəkərək bizə xeyir-dua verdikdən sonra yoluna davam edir. Xoşbəxtəm ki, bu yeri tapmışam; bir qədər qıraqda bir neçə yaşlı, mehribanüzlü adam sakit-sakit söhbət edərək yemək yeyir. Üzləri digər qocalar kimi çirkin və bədheybət deyil, əksinə səmimi və sağlam görünür, saçları da olduqca qalındır. Slavyanlar! Onlara baxıb fikirləşirəm: gələcəyin xalqı, germanlardan sonrakı dünya fatehləri! Ancaq belə bir xalqın rus ədəbiyyatı kimi ədəbiyyatı ola bilər, sonsuz, coşub-daşan mənbəyi ilə ərşə qalxan səkkiz nəhəng şairin sayəsində. Bizə, yəni digərlərinə onlardan öyrənmək, onlara bir az yaxınlaşmaq gərək idi. Amma teatral məsuliyyəti başqa şairlərə yükləyiblər.

Camaat gəlib-gedir. Alman dəstəsi stolumun yaxınlığında oturur və öz dillərində bərkdən danışmağa başlayırlar. Onlar üçün gətirilən yemək və içkilərdən anladım ki, hələ çox oturacaqlar, xidmətçiyə priborumu zalın içərilərinə, bağçaya aparmağı işarə edirəm, lakin o anlamır. Onda almanlardan biri nə lazım olduğunu məndən nəzakətlə xəbər alır, mən də məcbur olub onun köməyindən istifadə edirəm. Masamı dəyişirlər, amma almana təşəkkür etməyi yaddan çıxardığım üçün bütün salonu bir daha keçməli oluram.

Mənim üçün xidmətçi qızartma gətirir. Doyurucu şidən sonra nə isə yemək çətin gəlir. Buna baxmayaraq, xidmətçi kişilərin uzun müddət tab gətirmək üçün daha çox yeməli olduğu düşüncəsi ilə düzgün hərəkət edir; bu, normal insan düşüncəsidir. Siqarət çəkmək və qəhvə içmək istəyirəm və bir işarə ilə hər ikisini gətirirlər.

Qıraqda ata, ana, iki oğul və bir qızdan ibarət ailəyə bənzəyən bir neçə nəfər bir masa ətrafında əyləşib. Tünd gözləri gənc qızı daha sirli və dərin göstərir; gözəldir. Əlləri isə uzun və iridir. Öz masamdan qızı izləyirəm, onun xarici görünüşünü və varlığını təsvir edəcək bir ifadə axtarıram: yəqin ki, bu zəriflikdir. Sakit şəkildə əyləşməsi, qırağa əyilməyi, kimsəyə nəzər yetirməsi də çox zərifdir. Baxışları cavan dayçanı xatırladacaq qədər sadəlöhv və mərhəmət doludur. Slavyanlarda qabarıq almacıq sümükləri haqda məlumatlı idim, doğrudan da belə imiş. Belə ki, iri almacıq sümüyünə sahib olmaq üzdən ata oxşatsa da, onları izləmək xeyli maraqlıdı. Bir qədər sonra ailə başçısı hesabı ödəyir və ailə çıxıb gedir.

Mənsə dolu süfrə arxasında əyləşməkdə davam edirəm, xidmətçi də stoldakı heç bir şeyə toxunmur. Belə yaxşıdır; çünki artıq istədiyim zaman bir parça ət yeyə bilərdim və mənə xoş olardı. Arada yeməyə nəzər salmağa başlayıram, yeməyin ortasında qəhvə ilə siqaretin yaxşı fikir olmadığını kimsə deyib. Qısacası, burada tək qərarı mən verə bilərəm. Ət yeməyə iştaha ilə başlayıram.

Burada özümü evimdəki kimi, daha düzgün desəm, çox yaxşı hiss edirəm. Bu günə qədər oturduğum ən rahat restorandır. Masadan qalxıb ikonaya yaxınlaşır və digərləri kimi xaç çəkirəm. Nə müştərilər, nə də xidmətçilər arasında buna reaksiya verən var. Bu səbəbdən də, stoluma qayıdanda kiçik bir narahatlıq hissi də olmur. Barəsində xeyli oxuduğum bu böyük ölkədə qəlbimə dolan sevinc mənim üçün yeganə hissə, qarşısını almaq istəmədiyim daxili çılğınlığıma çevrilir. Oxumağa başlayıram, bu təhqir etmək mənası daşımır, sadəcə əylənmək məqsədilə.

Masamın üzərindəki yağda iki barmaq izi görürəm, kiminsə toxunduğunu anlayıram. Nə olsun deyə fikirləşirəm. Qafqazda daha pis olacaq, yağ – incə məhsuldur. Fürsət düşmüşkən bıçağı yağın içinə salıb onun əvvəlki halından əsər qoymuram. Özümü psixoloji cəhətdən bunun düzgün olmadığına inandırıram, bundan sonra hissiyyatlı olmuram. Bayaqkı alman gəlib məni “qovmasaydı”, hələ burada çox oturacaqdım. Almana bağçada üstübağlı bir yer lazımdır, əgər ehtiyacım olarsa, gələcəkdə köməyini də təklif edir mənə. Bu adama minnətdaram, çox nəzakətlidir. Ancaq o, məni torpağa oxşadaraq alçaldır. O getdiyi zaman bir vaxtlar Finlandiyada öyrəndiyim bir sözü axtarıb tapıram: Faytonçu. Knyaz üçün xidmətçi faytonçu çağırır.

Faytoçuya vağzala sürməsini deyirəm. Moskvada beş dəmiryol stansiyası olduğuna görlə faytonçu hansı olduğunu soruşur. Özümü xatırlamağa çalışırmış kimi göstərirəm. Bu, uzun müddət davam etdiyi üçün faytonçu siyahını saymağa başlayır. Ryazan vağzalına çatdıqda təsdiqləyirəm. Hər kilsənin və üstündə ikona gözə çarpan hər darvazanın yanından keçərkən xaç çəkə-çəkə məni vağzala çatdırır.

Yol boyu vağzalın adını düzgün xatırladığım barədə tərəddüdə düşürəm. Amma Ryazan vağzalına çatan kimi haqlı olduğumu anlayıram, çünki mehmanxananı asanlıqla tapıram.

III Bölüm

O günü yola düşmək artıq gec idi, bu səbəbdən növbəti gün çıxdıq. Kaş bir də görəydim Moskvanı!

Necə qəribə görünsə də, yenidən barmağına saysız-hesabsız üzük taxan həmin xanımla stansiyada qarşılaşdıq. Yenə bizim qatarla gedirdi. Bu qəribə görüşün bəzi məqamları Don kazaklarına məxsus bölgələrdə açılacaqdı. Bu qadın gənc qvardiyaçı ilə birlikdə idi, onlar heyranlıqla bir-birinə baxıb söhbət edirdi. Sinəsində Georgi xaçı vardı. Fikrim qızıl portsiqarındakı gerbə və taca gedir. Necə olur ki, bu iki nəfər bir-birindən ayrılmır, hətta heç kəsin girə bilmədiyi kiçik kupeləri belə var; bunu anlaya bilmirəm. Çox güman ər-arvaddırlar, təzə ailə qurublar, Moskvada əyləncə üçün yubanıblar. Ancaq onlar deyəsən Peterburq vağzalında tanış deyildi. Xidmətçiləri də vağzalda bir yerdə deyildi.

İndi Moskvanın bağ qəsəbəsindən keçirik. Saysız-hesabsız müasir İsveçrə üslubunda tikilmiş darıxdırıcı evlər nəzərə çarpır. Moskvadan çıxdıqdan 3 saat sonra artıq Rusiyanın qaratorpaq zolağına hakim ucu-bucağı görünməyən buğda və çovdar zəmiləri ilə keçirik.

Artıq payızın tarla işləri başlanıb. Şumlama qatarla düzülərək həyata keçirilir, 2 ya 3 at düzülüb şum edir, arxada isə 1 atla mala çəkilir. Amerikada Qırmızı çay boyunca 10 kotanla günlərlə, həftələrlə sonsuz çölləri şumladığımız yadıma düşür. Kresloda oturduğumuz kimi kotanın üstündə əyləşib oxuyaraq tarla sürürdük, təkərləri olan kotan idi.

Həm orada, həm də burada bacarığı olan hər kəs düzənlikdə işləyir, kişi və qadınlar əkib-becərmə ilə məşğuldur; qadınlar qırmızı üst köynəyi, kişilər isə ağ və boz rəngdə kobud köynək geyinir, gödəkçələri yoxdur, bəzilərinin əynində kürk də olur. Üstü küləşlə örtülmüş daxmalı kəndlər də yol uzunu nəzərə çarpır.

Kupedə yol yoldaşlarımız mühəndis ailə hesabına məlum oldu ki, Qafqaza getsək də, dili ikimiz də bilmirik. Mühəndis birinci Dərbəndə, sonra buxar gəmisi ilə Bakıya getməlidir. Biz isə dağları aşaraq Tiflisə yollanacağıq. Bələdçi biletlərimizi kəsən zaman yaxınlıqda zabitlərdən biri Vladiqafqaza getdiyimizi eşidib gedərək bir müddət sonra başqa bir zabitlə qayıdır. Dağlardakı aşırımı keçməkdə məmnuniyyətlə kömək etməyi təklif edərək həmin zabit mənə müraciət edir. Onun da yolu oraya olacaq, ancaq ilk əvvəl kükürd ehtiyatı ilə zəngin olan, kübar cəmiyyəti və çimərlikləri ilə məşhur şəhəri – Beşdağı ziyarət etməlidir. Həmin şəhərdə bir həftə qalmalı olan zabiti biz bu müddətdə Vladiqafqazda gözləməliyik. Zabitə minnətdarlığımı bildirirəm. Yaşlı və dolu bədən quruluşuna sahib bu şəxs həm də kənardan qəribə və lovğa görünür; bir neçə dildə qeyri-səlis olsa da, bərkdən və rahat danışır. Həmçinin, xoş olmayan yəhudi fizionomiyasına sahibdir.

Bu ölkədə hər şeyə bələd olan mühəndis ayrı kupe əldə etmək üçün bələdçinin əlinə iki rubl basmağı bizə təklif edir. Biz də pulu verib ayrıca kupeyə keçirik. Sonra ağlına gəlir ki, bizə bilet alması üçün ona bir də pul verək. Əks təqdirdə, bələdçi növbəsi dəyişiləndə hər dəfə bizi yuxudan oyadacaqlar. İmkanımız çatan qədər yenidən pul veririk. Dərhal hər şey yoluna düşür. Praktik və əlverişli rüşvət forması. Öz xidmətini tələsik yerinə yetirən istənilən bələdçiyə ayrı bir kupe istəyin barədə ağzından bir kəlmə qaçırdırsan. Ancaq bu, onun xətrinə dəymək məqsədilə deyilmir. Bələdçi bir müddət sonra geri döndükdə artıq kupe hazır olur. Yükümüzün bir hissəsini belinə alıb qabağa düşür, biz də onun arxasınca gedirik. Tez bir zamanda ancaq bizə məxsus kiçik otağımıza gəlirik. O anda bələdçinin ovcuna sadəcə iki rubl basırıq. O bizə, biz ona baxırıq; o təşəkkür edir və hər ikimiz razıyıq. Hər yeni dəyişən bələdçi ilə də kiçik razılıq qazanmaq lazım gəlir, amma heç utanmadan ona dəfələrlə az rüşvət təklif etmək olar, sadəcə dost hədiyyəsi şəklində bir rüşvət.

Gecə düşür, yol uzandıqca hava daha da qaralır. Şüşə fənərlərin içində yanan bir cüt stearin şamı ilə işiqlandırılsa belə kupe olduqca qaranlıqdır. Buna görə, uzanıb yatmaqdan başqa əldən bir şey gəlmir.

Yuxulu halda lokomotivin fit səsini eşidirəm bir müddət. Bu fit qeyri-adidir, digər ölkələrdə səslənəndən fərqli olaraq gəmi sirenasını xatırladır. Bu rus çöllərində isə yeganə gəmi qatardır. Gecənin bir yarısı kupedəki isti məni oyadır. Yerimdən durub tavandakı havatəmizləyicini qoşmaq istəyirəm, lakin tapa bilməyib yerimə uzanıb yuxuya dalıram.

* * *

Açıq səhərli bir bazar günü, saat 6-dır. Voronej stansiyasında dayanmışıq. Aleksey Vasiliyeviç Koltsov bu bölgədə doğulmuş, buradakı zəmiləri dolaşıb, yaradıcılıqla məşğul olmuşdur. Deyirlər ki, heç vaxt ana dilində düzgün yazmağı öyrənə bilməyib. Ancaq 16 yaşlı yeniyetmə ikən artıq bir kitab şeirin sahibi idi. Sadə bir maldar atası olduğundan təhkimli kəndliyə malik deyildilər, amma əlində vəsait olması ucbatından təhkimliləri pulla ala və icarəyə götürə bilmişdir. Və onlardan biri Dunyaşa adlı gənc bir qıza vurulmuşdur. Koltsovun ona gözəl şeirlər həsr etdiyi deyilir. Çəmənliklərdə atasının mal-qarasını otararaq həsrət dolu şeirlər yazmışdır. Bir gün Koltsov mal-qara almağa göndərilərkən atası Dunyaşanı uzaq Dondakı mülkədarlardan birinə satır. O, evə qayıtdıqda bunu eşidib ağır xəstəlik keçirir. Xəstəliyə qalib gəlsə də, Dunyaşanı əsla yaddan çıxarmır, əvvəlkilərdən daha gözəl şeirlər yazmağa başlayır. Bu sayədə, zadəgan Stankeviçin diqqətini çəkərək Moskvaya, sonra da Peterburqa aparılır. Pozğun həyat tərzi və əyyaşlıq onun sonu olur, 34 yaşında dünyasını dəyişir.

Sevgisi səbəbindən.

Ona Voronejdə heykəl qoyulub…

Brilyant üzüklü qadınla qvardiyaçı isti olduğu üçün qapını açıq qoymuşdu. Kupedən onları görürdüm, artıq qalxıb geyinsələr də, üzləri qəmgin idi. Fransızca nəsə pıçıldaşırdılar, hətta bizim baxışlarımız altında belə xeyli mehriban idilər. Zabit getmək istədiyi zaman anidən xanım onu saxlayır və başını arxaya əyərək öpür. Sonra bir-birinə gülümsəyirlər. Qatarda onlar yalnızdırlar, yeni evləndiklərini də görməmək qeyri-mümkündür.

Bütün gecə kupenin şamdanından gödəkçəmin üstünə stearin damcılayıb, sən demə. Amma mən indi anlamışam bunu və artıq çox gecdir. Görünüşüm tamam korlanıb, bıçaqla stearin qalıqlarını çıxarmağa çalışıram. Əgər başqalarının paltarları da belə hala düşsəydi, əhvalım o dərəcədə pozulmazdı, lakin hiyləgər mühəndis, əlbəttə ki, öz geyimini o biri fənərin altından asmamışdı. Gözümə sataşan xidmətçilərdən birini fərqli dillərlə başa salmağa çalışıram ki, mənə necəsə kömək edə bilərmi? O isə başı ilə mənimlə razı olduğunu bildirir. Bu halda onu rahat buraxıram. Düşünürəm ki, yəqin tez bir zamanda qayıdıb kömək edəcək. Onu müxtəlif maddələrlə, isti ütü, mahud, nəmi hopduran kağız, kömür hissəciyi və fırça ilə beynimdə təsəvvür edirəm. Çünki ləkə içində qalmışam.

Bir çərkəz zabiti yanımda dayanıb, mənimlə eyni vəziyyətdədir: uzunboğaz lak çəkmə, enli şalvar və qəhvəyi rəngli dəri kəmərli büzməli palto geyinib. Qarnının üstünə düşən kəmər hissəsinə qızıl suyuna çəkilmiş naxışlı xəncər asılıb. On səkkiz ədəd nar tacına bənzər metal borucuğun başı sinəsinin üstündən seçilir. Bunlar butafor patronudur. Qoyun dərisindən olan papaq qoyub başına.

Erməni yəhudiləri gəlirlər. Görünür ki, onlar tacir, zəngin xalqdır, heç bir maddi sıxıntıları yoxdur. Uzun ətəkləri olan ipək don geyinib, qızıl və gümüşlə işlənən kəmər taxıblar. İki yəhudi yaraşıqlı görünsə də, yanlarındakı bədənini piy basmış gənc oğlan xədimə bənzəyir. Yoldaşlarının onunla qadın kimi rəftarı kənardan ürəkbulandırıcı təsir bağışlayır. Rusiya-Qafqaz qatarlarında belə tacirlərlə tez-tez qarşılaşmaq mümkündür. İri şəhərlərdən dağlara mal aparır, oradan isə dağlıların hazırladığı fərqli məhsullar və xalçalarla şəhərə qayıdırlar.

Qatar irəliləməkdə davam edir. Böyük bir dövrə vurduqdan 20 dəqiqə sonra minlərlə bina, günbəz və qüllələri olan nəhəng Voroneji görürük. Bir qədər sonra qarpız və günabaxanın qarışıq şəkildə əkildiyi sahələrdən keçirik. Qarpızlar torpaqda sarı, iri qar topaları kimi görünür, günabaxanlar isə onların üzərində səmaya doğru atılan çöllükdə yanan sarı meşə təsiri bağışlayır. Cənubi və mərkəzi Rusiyada günəbaxan yağ istehsal etmək üçün əkilib-becərilir. Gül ləçəklərindən isə yüksək keyfiyyətdə şirniyyat düzəldilir. Buralarda günəbaxan tumu çırtlayıb gəzənlərə hər yerdə rast gəlmək olur. Tum camaat üçün çərəz kimi istifadə olunan çeynənən təmiz tənbəki kimidir. Biletlərimizi cıran xidmətçi, faytonçular qozlada, satıcılar piştaxtanın arxasında sevinclə tum çırtlayır, hətta poçtalyonlar belə tum çırtlaya-çırtlaya qapıları gəzib məktub paylayırlar.

Yerdən çox da aralı olmayan iri qara ləkə görünür üfüqdə. Havaya qalxmadan çöllükdə sakit dayanan hava şarına bənzəyir. Bizə bunun böyük bir ağacın tacı olduğu başa salınır. Buna daş kömür hövzəsində ağac deyilir.

Artıq Dondayıq.

Çöllükdəki arı pətəyini xatlrladan sonsuz küləş və ot tayaları sezilir, tək-tük yel dəyirmanları nəzərə çarpır, sakitlik, durğunluq hökm sürür. Demək olar ki, naxır hərəkətsiz otlayır. Heyvanları saymağa çalışıram, tez hesablamaq üçün əvvəl 50 baş sayıb onların düzənlikdə nə qədər sahə tutduğuna baxıram. Daha sonra bir gözümü bağlayıb hesabldığım sahəyə uyğun digər bölgəni nəzərdən keçirirəm və nəticə etibarı ilə 100 baş mal-qara alınır. 100 başlıq sahələri hesablamağa davam edərək heyvanların sıx və seyrək otladığı yerləri nəzərə alaraq ya toplayıb, ya çıxıram. Naxırda 1000 başdan artıq inək, öküz, dana, buzov olduğuna əmin oluram nəticədə. Əllərində uzun çomaqla iki-üç çoban naxırı qoruyur, onlar isti havada kürk geyinib, itləri olmasa belə kədərsiz həyat sürürlər. Texası, oradakı iri otlaqları xatırladım. Orada heyvanlarını oğurlayan çobanlara qarşı tapançadan istifadə edən çobanlar at üstündə mübarizə aparırdı. Özüm bunu təcrübədən keçirməmişəm, bir neçə dəfə kovboy yeri almağa çalışsam da, bəzi səbəblərdən yararsız sayılmışam. Yeri gəlmişkən görmə qabiliyyətim haqda onu deyə bilərəm ki, 10 il əvvəlkinə nisbətən uzağı daha yaxşı görürəm. Lakin axşamlar lampa işığında gözümün yavaş-yavaş zəiflədiyini hiss edirəm. Qabarıq şüşəli eynəkdən istifadə etməyə məcburam. Daha sonra güclü eynəklərə keçirsən və sonu zəbur. (*zəbur – dini kitab)

İndi Kolodeznı stansiyasındayıq. Rəngarəng geyimli qadınlar gözə dəyir, paltarlarında o qədər qırmızı və göy rəng var ki, qatardan baxışla qaçışan lalələri xatırladırlar. Onlar meyvə satır. Bizsə üzüm alırıq. Mən ehtiyat üçün çoxlu üzüm alıram; ancaq mühəndis indi üzüm yığımı vaxtı olduğunu deyib məsləhət bilmir, Qafqaza yaxınlaşdıqca daha yaxşı üzümlərin olacağını bildirir. Satıcılar mühəndisin məni fikrimdən döndərmək niyyətini anlasalar belə ona nifrətlə baxmırlar, onların dilində danışa bilən bu adama mehribancasına müxtəlif şeylər danışırlar. Sifətləri günəşdən yanan, qara saçlı, bir az dik burunlu bu qadınlar möhkəm və sağlam görünürlər. Gözləri də qara rəngdir. Baş və boyunlarına qırmızı, göy rəngdə yaylıqlar bağlayıblar, çünki bu gün bazar günüdür, ətəkləri də göy və qırmızı rəngdədir. Bəziləri içi yun qoyun dərisindən olan sarafan, bəziləri isə haşiyə ilə tikilmiş kətan sarafan geyinib. Xəz dəri geyimləri ayaqyalın gəzməyə mane olmurdu onlarda. Ayaqları gözəldir.

Çöl başlasa da, kəndlərin qıraqlarında cökə və söyüd ağacları hələ də görünməkdədir. Düzənlikdə otlayan qaz sürüsündə təxmini 400 dənə qaz olduğunu sayıram. Daha yaxın olanlar qatar tərəfə çevrilib bizi dişləmək istəyir. Bazar günü olduğu üçün ətraf dinc və sakitlikdir, yel dəyirmanları dayanıb, arada zəng səsini eşidirik. Boş-boş gəzənlərə də tez-tez rast gəlirik, bunlar kilsədən qayıdan camaatdır, eynilə mənim vətənimdə olduğu kimi onlar öz işləri haqda danışaraq gedirlər. Kəndlərin kənarı ilə gedərkən uşaqlar bizə əl edir, toyuqlarsa dəhşət içində qorxaraq qaçıb gizlənirlər.

Qafqazda bizə bələdçilik etməyi təklif esən zabitə salam verirəm, o isə lovğalıqla cavab verir. Birdən məni tanıyıb hər iki əlini uzadır. Əvvəlcə məni tanımamışdı, çox güman elə həmin anda tanıdı. Yaxşı yata bilmisiniz? Rusiyada rahatlıq çox deyil.

Deməli, bir həftə Vladiqafqazda qalıb sonra gedəcək.

Beşdağa getməmək alınmaz, axı orada xanımlar var!

Onun yəhudi fizionomiyası dözülməzdir, canımı ondan qurtarmaqdan yaxşı ki, elə özü mənə kömək edir. Söhbətdən qaçmaq üçün sakit durmağa başlayanda o da dərhal anlayıb susur, sonra isə mənə əhəmiyyət vermədən başqaları ilə danışmağa başlayır, Tanrıya şükür.

Hər tərəfdə çay dəmləyib siqaret çəkirlər; hətta qadınlar da çəkir. Stansiyalarda qaynadılmış su tapmaq olur, sərnişinlərdə isə çaydan olur, axşamdan keçənədək çayiçmə prosesi davam etdirilir.

Saat 11-dir, günəş dözülməz dərəcədə kupeni isidir. Tavandakı hava təmizləyicisini işə salır, pəncərəni də yarıaçıq qoyuruq. İndi isə toz!

Podqornı adlanan kiçik stansiyaya saat 12-də çatırıq. Qumlu yolda sürücülər, əsgərlər, dörd at qoşulmuş güllərlə bəzədilmiş içi boş kareta və sonra atlı kazaklardan ibarət konvoy görünür. Həmçinin, hərbi geyimdə olan bir general və gənc zabit də addımlayır. Kareta, konvoy və əsgərlər qatar çatan kimi stansiyada dayanırlar.

Yeni evlilərin kupesindən bu anda hönkürtü sədaları və fransız nidaları qopdu, rəngi ağarmış brilyant üzüklü qadın həyəcanlı, ağlamaqdan gözləri qızarmış şəkildə kupeni tərk edir, qapının kandarında dönüb qvardiyaçını qucaqlayır, bir qədər sonra buraxıb qatardan çıxıb qaçır. Donub qalmış, həyəcanlanmış cənab özünü pəncərəyə atıb bayıra baxır.

Qadın qatardan düşən kimi ətrafını bürüyürlər. O, generalın üstünə atılır, fransız dilində salamlaşma və təbriklər eşidilir. Sonra generaldan gənc zabitə keçir, üçü də ürəkdən qucaqlaşıb öpüşürlər. Görəsən, bunlar qadının atası və qardaşıdır? Məgər belə qəribə səslər çıxaran qardaş ola bilər? Onlar “Yaxşı, daha ağlama!” deyərək qadını sığallayıb sakitləşdirirlər. Ancaq o arabir gülümsəsə belə heç cür ovunmur. O, Moskvada xəstələndiyini deyir, amma tam sağalmadan, yola davam etməsu üçün şans yaranmadan bu haqda teleqram vurmaq istəməyib. Onun qəhrəmanca xəstələnməsindən vəcdə gələn, hər hərəkətində sakitlik və əzəmət göstərən cavan oğlan xanıma “əzizim” deyə müraciət edir. Mühəndis bir konvoyu tanıyır, hansı knyaz olduğunu, xanımın onun qızı, gənc zabitin isə nişanlısı olduğunu bildirir, son anda sağalıb evə qayıtdığı üçün xanımla zabitin elə bu gün nikahlanması lazım gəldiyini deyir, Tanrı köməyi olsun!

Öz güllü karetinə əyləşən xanımı ata və nişanlısı atlarına minərək sağ və soldan müşayiət edir və arada ona tərəf əyilərək nə isə danışırlar. Konvoy, atlılar və karet qumlu yola çatdığı zaman xanım arxaya çevrilərək əl etməklə kifayətlənməyib əl-üzünü silmədən əvvəl yaylığını bir müddət yellədir.

Lokomotiv fit verən kimi biz stansiyadan ayrılırıq.

Ancaq qvardiyaçı güllü karet gözdən itənədək üzünü pəncərəyə yapışdıraraq izləyir. Sonra isə istidən yanan kupesinə daxil olub saatlarla oradan çıxmır.

* * *

Dəhlizə çıxmaq üçün qapını açırıq. Bir erməninin özünü yaxşıca rahatladığını görürük. Yastıqlardan özünə qəşəng bir yataq düzəldib. Altında naxışlarla dolu sarı döşək, üzərində ipəkdən olan zolaqlı yorğan var. Belə təmtəraqlı və bahalı yatağa rəğmən açıq pəncərə qarşısında toz yığınının içində yatıb. Çəkmələrini çıxardığı üçün cırıq olan pambıq corablarından barmaqlarını görmək olur. Başının altına iki balış qoyub, kirli yastıq üzlərinin parçasındakı cırıqlardan qızılı saplarla bəzənmiş ipəkdən yastıqlar seçilir.

Erməninin yanında təzə adamlar gəlib özünə yer edir. Bunlar Qafqaz tatarlarıdır. Üzü örtülü arvadlarının əynində qırmızı rəngdə sadə pambıq paltar var, onlar yastıqların üstündə səssiz-səmirsiz əyləşiblər. Kişilər qararəngli və hündürdür, üstlərinə boz rəngdə plaş geyinib bellərinə ipək rəngarəng şərf keçiriblər. Bu şərf altında xəncər gizlətmək üçündür.

Hal-hazırda bizim lokomotivimiz xam Bakı nefti ilə işləyir, bunun iyi daş kömür yanığının isti havadakı iyindən daha pisdir.

Birdən çöldəki balaca stansiyada dayanırıq. Çünki önümüzdəki Vladiqafqaz qatarına yol verməliyik. Gözləyib gərnəşərək qatardan çıxırıq. Hava sakit və istidir, ətrafda sərnişinlər söhbətləşir və mahnı oxuyurlar. Kənarda qvardiyaçı da seçilir. Ancaq daha kədərli görünmür, qapalı kupesində tək qaldığı saatlar onu gümrah edib; Allah bilir, bu saatlarda bəlkə də dərin yuxuya gedibmiş. İndi isə siqaret çəkən gənc bir xanımla dolaşır. Başında şlyapa olmadığından qara saçlarını qızmar günəş yandırır. Dayanmadan fransızca danışan ikilinin gülüşləri ərtafı bürüyüb. Bəlkə də bu saatlarda knyazın qızı da başqa biri ilə səcdəgah qarşısında dayanıb.

Bağlama tutan bir nəfər qatardan bayıra atılır. Onun qara-sarı rəngli üzü, qətran qarası saçları və saqqalı var. Farsa bənzəyir. Özünə kiçik bir yer seçir, boğçasını açır və torpağa iki ədəd dəstərxan sərir. Bir qədər sonra ayaqqabılarını soyunur. Bıçaq və şarlarla fokus göstərəcəyini düşünsəm də, yanılıram. Fars ibadətini yerinə yetirməyə başlayır. Qaftanından bir neçə daş götürüb canamazın üstünə qoyur, sonra günəşə tərəf durub ibadət edir. İlk olaraq qaməti düz dayanır. Ətrafındakılara fikir vermədən gözlərini daşlara dikərək dua edir. Diz çöküb bədənini və başını yerə doğru əyərkən isə daşların yerini dəyişir; uzaqda dayananı bir qədər yaxına və sol tərəfə çəkir. Daha sonra dikəlib əlləri yanda ağzını tərpədir. Bu andaca Vladiqafqaz qatarı gurultu qopararaq keçir, bizim lokomotiv fit verir, ancaq fars vəziyyətini pozmur. O, ibadətini bitirmədən qatar tərpənə bilməz, getsə belə Allahın məsləhətinin bu olduğuna inanılır. Fars yenidən əyilir və daşların yerini dəyişir. O qədər sürətlə icra edir ki, mən bu işdən baş aça bilmirəm. Hal-hazırda hər kəs qatara mindiyi halda o, yerdə tək qalıb. Ay zalım, tələs! deyə düşünürəm. Amma fars hələ bir neçə dəfə də təzim edib qarşısında əllərini yaxşı-yaxşı açmalıdır. Nəhayət, qatar yerindən tərpənir, farssa üzü günəşə tərəf dayanır. Sonra canamaz, daşlar və ayaqqabılarını götürərək qatara çatır. Hərəkətlərində bir damcı da tələskənlik nəzərə çarpmır. Qatar platformasında izləyənlər “əhsən” kimi sözlər səsləndirirlər, təmkinli Məhəmməd ümməti isə ətrafdakı imansızların heç bir sözünə əhəmiyyət vermədən ciddi şəkildə qatardakı yerini alır.

Stansiyalardan birində sakit dayanmışıq və biz su götürürük. Birdən gödəkçəmə yapışan stearini təmizləməyə söz vermiş xidmətçini görürəm. Onu qorxutmadan başımla salamlayıram, yaxınlaşdıqca daha yüksək səylə gülümsəyib mehriban münasibət göstərirəm. O da baş əyib gülümsəyir, ancaq üstümdəki ağ ləkəni görən kimi əllərini bir-birinə çırpıb qatardakı bölməsinə doğru götürülür. Bu dəfə isə isti ütü və təmizləyici maddə dalınca gedib deyə düşünürəm. Nə dediyini anlamasam da, yəqin ki, tezliklə qayıdacaq, cənab qraf! Başladım gözləməyə. Lokomotiv su götürdü, fit verərək tərpəndi, artıq gözləyə bilməzdim…

Dağlarda bizə yol yoldaşlığı edən dünənki zabitlə qarşılaşdım. Tanrıya şükür ki, artıq məni tanımır, inciyib. O, şam etdiyimiz stansiyalardan birində yanımda oturmuş və qalın pul kisəsini də gözünün önündə saxlamışdı. Yəqin ki, bunu məni oğurluğa sövq etmək üçün deyil, pul qabının üstündə işlənmiş gümüş tacı göstərmək üçün qoymuşdu. Ancaq tacın gümüşdən olub-olmadığını, onun tacı üzərində gəzdirmək hüququnun olduğunu yalnız Allah bilir. Haqq-hesab etdiyim zaman o bir şey dinib-danışmadısa da, digər tərəfimdə oturan zabit mənə qaytarılan pulun qalığının az olduğuna diqqətimi yönəltdi. Xidmətçiyə səhv etdiyini başa saldıqdan sonra mən pulumu geri ala bildim. Sonra yerimdən durub həmin cənaba minnətdarlığımı bildirirəm.

Zabiti yol yoldaşı kimi götürməməyə və Vladiqafqazda ondan canımızı qurtarmağa qərar verdik.

Hava axşam saat 9-da tamam qaralıb. Bayırdakı kəndlərdən gələn işıqdan başqa bir şey görünmür. Yaxınlıqdakı

üstü küləşlə örtülü və olduqca fəqir adamların daldalandığı tənha komanın zəif işığı közərir.

Axşamçağı sakitlik, bürkü və qaranlıq hakimdir. Platformaya açılan qapını yarımçıq saxlayaraq dəhlizdə açıq pəncərənin qabağında dayanmışam. Buna rəğmən hava elə istidir ki, bayaqdan dəsmalla tərimi silirəm. Digər vaqondan erməni yəhudilərinin oxumaq səsi eşidilir, qoca piyli erməni ilə gonbul xədimin duetinə bənzəyir. Xeyli uzun çəkən ədəbsizlik təxmini 2 saat davam edir, sonra oxuduqlarına gülür, yenidən monoton mahnılarına davan edirlər. Xədimin səsi insandan daha çox quş səsini xatırladır.

Gecə Rostovdan keçirik, qaranlıqda heç bir şey seçilmir.

Əksər sərnişinlər bu stansiyada düşür.

Bir qrup qırğız görünür. Buraya şərq çöllərindən necə gəldiklərini bilməsəm də, qırğız adlandırıldıqlarını bilirəm. Məncə, tatarlardan bir az fərqlənirlər. Çöllərdə mal-qara otararaq yerini dəyişən köçərilərdir qırğızlar. Qoyun onların pul vahididir, arvad almaq üçün 4, inək almaq üçün 8 qoyun verirlər. At almaq üçün 4 inək, tüfəng üçün isə 3 at verirlər. Haradansa bu haqda oxumuşam. Mən qıyıq gözlü, sarıya çalan qarabuğdayı adamlara salam verirəm, salamı alıb gülümsəyirlər. Bir qədər də pul verib razılıqlarını qəbul edirəm. Biz iki avropalı onlara baxırıq, digəri hələ bir az ünsiyyət də qura bilir. Onlar bizə görə gözəl sayılmasa da, məsum baxışları və çox xırda gözləri var. Kürk, yaşıl və qırmızı uzunboğaz çəkmələr geyinən kişilər üzərində xəncər və nizə gəzdirir. Xanımların əynində isə alabəzək pambıq ətəklər var, biri tülkü dərisi ilə bəzənən həsir şlyapa da qoyub. Bəzək-düzəkdən uzaq, görünüşcə çox kasıb olduqları bilinir. Yanımdakı avropalı onlara 1 rubl verdiyj zaman, pulu alaraq təşəkkür edib dəsmala bükürlər.

* * *

Səhər aydın və gözəldir, hündür, sapsarı otlar küləklə asta-asta xışıldayır, ətrafda sonsuz genişlik görünür.

Otlu, qumlu və şoran olmaqla çöllər üç cür olur. Ot yalnız yazın əvvəlində heyvanlar üçün qida ola bilir, iyul ayında isə bərkiyən otlar yem üçün yararsız olur. Bir müddət sonra indi olduğu kimi payız gəlir; bəzən güclü yağışlar yağır, bəzənsə günəş elə yandırır ki, xışıltılı qupquru otun altından qısa vaxtda yumşaq, zərif yaşıl ot, çox gözəl çiçəklər cücərir. Heyvanlar, quşlar, həşəratlar yenidən oyanmağa başlayır. Çölün dərin yerlərindən köçəri quşların cəh-cəh vurmağı eşidilir; kəpənəklər də aşağı-yuxarı, dala-qabağa uçuşur. Təbiətə xüsusi fikir vermədən bir mil məsafədə od tutub qurumuş otdan başqa nə isə görmək qeyri-mümkündür. Elə bu səbəbdən də bu fəsildə çöl dənizə yox sarı səhraya oxşayır.

Kazan çölü poeziyada ən çox vəsf edilən və təsirli tərənnüm olunan çöldür. Qırğız, kalmık, tatar çölləri barədə kazak çölü barədə deyilən qədər gözəl, nəvaziş dolu sözlər deyilməyib. Çöl böyük Rusiya ərazisində yaşayan hər bir xalq üçün eyni mənanı daşıyır. Ancaq kazaklar digərlərindən seçilir. Birinci ona görə ki, onların yaşayış məskəni çöldür, digər məskunlaşanlar isə gəlmələrdir, biri “qızıl”, o biri “göy” ordunun qalıqlarıdır. Eyni zamanda onlar döyüşçü, digərləri isə əkinçi və çobanlardır. Kazaklar heç bir zaman nə xanın, nə də boyarın qulu olmayıb. Oxuduğuma görə “kazak” “azad adam” anlamına gəlir.

Kazaklar öz torpaqlarında həyat sürür. Olduqca məhsuldar olan geniş sahələri var. Onlar dövlət vergisindən azad olsa da, hərbi vəziyyət elan olunduqda öz hesablarına təchiz olunmalıdırlar. Sülh şəraitində buğda, qarğıdalı, üzüm əkir, çöllərdə ovla məşğul olurlar, müharibələr zamanı isə cəsur rus ordusunun əfsanəvi qəhrəman boşluğunu doldururlar.

Hal-hazırda kazak torpaqları ilə gedirik.

Bütün stansiya və şəhərlərdən uzaq bu bölgədə araba ilə gedən qırmızıpapaq zabitlə qarşılaşırıq. Kazak konvoyu ilə müşayiət olunur. Bizdən köndələn istiqamətdə irəliləyir. O bəlkə də şəhərə gedir, bəlkə də ona kazak qəsəbəsi, ya da çöldə bir yer lazımdır, amma biz yer kürə şəklində olduğu üçün heç nə görmürük. Bir müddət sonra tatar aulunun kənarından keçirik. Ot tayasını xatırladan alaçıqlar gözə dəyir. Cənubi Rusiyanın hər tərəfində tatarlara rast gəlmək mümkündür, hətta kazak torpaqlarında belə. Onlar çobanlıqla məşğuldur, cəld və istedadlı olan bu adamların istisnasız hər biri oxuyub-yazmağı bacarır. Ancaq kazakların heç də hamısının savadlı olmadığını da oxumuşam.

Erməni yəhudilərindən biri mənə söz deyir, ancaq “Petrovsk”dan başqa bir şey anlaya bilmirəm. Cəld rusca səlis cavab verirəm: – Yox! Vladiqafqaz, Tiflis. O, hər dediyimi anlayaraq başını tərpədir. Deməli, rusca ünsiyyətə başlaya bilərəm; kaş həmvətənlərimdən biri bunu görəydi. Yəhudinin bayırdakı zabitə baxmaq istədiyini düşünüb binoklu ona verirəm. O isə başını tərpədərək almır. Uzun gümüşü zənciri olan gümüş saatını çıxardıb əvəzində mənə göstərərək “80 rubl” deyir.

Lüğətin köməyi ilə onun nə qədər istədiyini müəyyən etdikdə sonra əyləncə üçün saatı nəzərdən keçirirəm; iri və qaba görünüşlü saat dəbi keçmiş xronometrə oxşayır və qulaq asıb müəyyən edirəm ki, işləmir. Elə bu andaca qızıl saatımı cibimdən çıxarıb yəhudini məhv etmək arzusundayam. Ancaq o heç təəccüblənmir və əmin olur ki, bu saatı mən ehtiyacım olarsa girov qoymaq üçün üzərimdə daşıyıram. Düşünürəm, onun saatına nə qədər pul verərlər? Cəmi 10 kron. Lakin mən vaxt var idi öz saatıma görə 40 kron borc götürmüşdüm. Bu saatlar müqayisəyə gəlməz. Qəti şəkildə “yox” deyərək saatı qaytarıram. Buna rəğmən yəhudi saatı yığışdırmağa tələsmir, hələ başını çiyninə əyir. Mən saatı təzədən götürüb onun həm köhnə, həm də yararsız olduğunu başa salıram. Sonra qulağıma yaxınlaşdırıram, səs yoxdur. Uzatmadan işləmədiyini bildirirəm, buna görə də onunla danışmaq istəmirəm. Yəhudi gülümsəyərək saatını alır. Məni başa salır ki, indi nə isə etmək istəyir. Alt qapağı açıb içini mənə göstərir. İçi zərif və naxışlıdır, amma əhəmiyyətli bir xüsusiyyəti yoxdur.

Yəhudi məndən ardına baxmağı xahiş edir. Naxışlı qapağı açaraq içini mənə göstərir. Oradakı ədəbsiz şəkli görürəm. Gülərək başını yana əyib baxmağından belə görünür ki, bu şəkil onun üçün əyləncə mənbəyidir. Təkid edir ki, mən də diqqətlə baxım. Balaca açarla buraraq saatı işə salır. Ancaq bununla təkcə saat işləmir, şəkil də hərəkətə gəlir.

Elə o andaca bu saatın məndəkindən bahalı olduğunu anlayıram. Buna yüksək dəyər verib baha qiymətə alanlar da olar əlbəttə.

Yəhudi mənə baxaraq “5000… 5000” deyir. Bir şey başa düşməsəm də, dəhşətlə qışqırıram. Yəhudi saatı bağlayaraq cibinə qoyur və uzaqlaşır. Qoca heyvan! Məndən ədəbsiz saata görə 10000 kron istəyir. Əlinə keçən üzüyumşaq adam olsaydı, saatı sırıyacaqdı da. Belə gördüm ki, o, heç saatı işə salmaq fikrində də deyildi, qiymətli mexanizmini pozmamaq üçün açarı sadəcə yarımdairə şəklində çevirdi.

Hələ saat 9 deyil, ancaq günəş dünən saat 11-də olduğu kimi yandırır, bizsə kölgədə yer tapmışıq. Çöllükdə sarıçiçək, gülxətmi, zəngçiçəyi kimi bəzi tanış gələn güllər görürük. Landşaft da dünənki kimi düzənlik, çovdar, taxıl zəmiləri ilə örtülüdür, sürülər, müxtəlif yerlərdə ot qalaqları, küləş tayaları, söyüdlüklər də nəzərə çarpır. Çölçüyə ağac da lazım olur. Kilsənin də olduğu iri stansiyalarda akasiya ağacları diqqət çəkir. Adamlarla atlar sahələrdə dayanmadan işləyir, qartal uzaqlarda otlayan qoyun sürüsü üzərində ağır-ağır qanad çalır.

Biz çox yavaş irəliləyirdik, Amerikada vaqon bələdçisi kimi çalışarkən əldə etdiyim təcrübəyə əsasən deyə bilərəm ki, qatardan atlanıb düşsəm, axırıncı vaqondan yapışaraq yenidən minə bilərdim. Yolun təmirdə olan hissəsindəyik deyə yavaş hərəkət edirik. Hal-hazırda səhər yeməyi zamanıdır; bütün işçilər kölgə olması üçün çadırda əyləşiblər, amma arada kişilər və qadınlar başlarını çadırdan çıxarıb baxırlar. Bayırda gözlərini zilləyən it bizə hürür.

İndi olduğumuz stansiya Tixoretskayadır. Burada ötən il yol yoldaşımız olan mühəndisin pulunu oğurlayıblar. Bir şüşə pivə ilə bufetin yanında dayanıb stəkanı ağzına aparmaq istəyəndə bir nəfər onu itələyib, ancaq içkisini sonacan içib. Qəfildən ayılıb yan cibinə əlini salanda pul kisəsinin oğurlandığını anlayıb. Oğru isə qaçaraq gizlənib. Amma tamahkar oğru acgözlüyündən qalan işini qatarda davam etdirmək istəyib, orada isə zabitlərdən birinin çamadanını çırpışdırarkən yerindəcə tutulub. Polis çağırılıb və axtarış zamanı oğrunun üzərindən mühəndisin pul kisəsi də çıxıb. Başqa adam belə tez sevinə bilməzdi, bunda mühəndisin bəxti gətirib.

Qafqaz stansiyasına daxil olduğumuzda səhər yeməyi üçün sadəcə 15 dəqiqəmiz var idi. Biz Qafqazın girişindəyik. Getdikcə uzanan qarğıdalı, günəbaxan və üzüm sahələri görünür. Knyazın malikanəsi sol tərəfdədir. Binoklla baxarkən parlaq yaşıl günbəzləri olan fligellərdən ibarət saray aydın görünür. Ətrafında qırmızı və qızılı rəngli damları olan xeyli bina var. Lap arxada meşəlik seçilir, əlbəttə ki, bu parkdır. Hər bir şey çöldə qaratorpaq üzərində tikilib, günəş şüaları üzərinə düşdüyü zaman göydən asılı duraraq üfüqə tərəf irəliləyirmiş kimi görünür. Sehrli saray…

Qatarda sərnişinlərin sayı dağlara yaxınlaşdıqca azalır. İpək döşəkli erməni günün qabağında fərqli bir yer tapıb özünə, onun əvvəlki yerini isə kölgə olduğu üçün mən tuturam. İlk olaraq, yeri uzun müddət qəşəngcə təmizləyirəm. Erməni cah-calal içində bir az narahat uzanıb.

Zaman keçir.

Armavir stansiyasına çatanda yenidən armudla üzüm alırıq. Həyatımda ilk dəfə burada ən ləzzətli üzümü dadıram, indiyədək Avropa üzümünə dadlı dediyim üçün utanıram. Bu üzümlə müqayisə etsək, alman, macar, fransız üzümləri sanki meşə giləmeyvəsidir. Bu isə ağızda əriyir. Nazik qabığı ilə birlikdə udarkən şəraba çevrilir. Demək olar, heç qabığı da yoxdur. Bax budur Qafqaz üzümü. Qara, yaşıl, göy rəngləri ilə digər ölkələrdəkindən seçilməsə də, bir qədər iridir.

Bir çərkəz zabiti platformada insanlar arasında gəzişir. O, laklı, yuxarısında qızılı kəmər olan uzunboğaz çəkmə geyinib. Topuqdan olan uzun çərkəz paltarının beli qızılı toqqa ilə daraldılıb, toqqanın ortasında çəpəki şəkildə asılmış qızılı işləməli xəncər nəzərə çarpır. Sinəsində isə 8 ədəd patron gilizinin başlığı seçilir. Belindən yerlə sürünən uzun, ensiz, qəbzəsi firuzə ilə işlənmiş qılınc asılıb. Köynəyi ağ rəngdə xam ipəkdəndir, çərkəz geyiminin açıq yaxasından görünən ağ ipək günəş şüalarının təsirindən gümüşü rəngdə görünür. Qara parlaq saçları tibet keçisi yunundan hazırlanmış uzun tüklü papağın altında görünür. Paltarı sifətindən fərqli olaraq təmtəraqlı təsir bağışlayır. Mənə onun geyiminin qanuniləşdirilməsini izah edirlər, başqalarındakı kətan olan onda ipəkdir, başqalarındakı ağ dəmir, onda qızıldır. O knyaz oğludur. Hər kəs stansiyada ona təzim edərkən, o da salamlarını alır, bəzilərinə suallar verib uzun-uzadi cavabları təmkinlə dinləyir. Onların güzəranının necə olduğunu, haraya getdiklərini, ailədəkilərin halını soruşur. Hamı ona məmnun görkəmlə minnətdarlığını bildirdiyindən onun heç bir xoşagəlməz söz söyləmədiyi məlum olur. Köynəyin üstündən dəri kəmər bağlayan iki kəndli ona yaxınlaşıb təzim edir, ilk olaraq papaqlarını çıxarıb qoltuqlarının altına qoyur, sonra baş əyib sözə başlayırlar. Gənc zabit onları dinləyir və razı salır. Onlar isə bir-birinin sözünü kəsərək uzun-uzadı danışıb nə isə başa salmağa çalışırlar. Zabitin bir sözü ilə onlar dayanır və papaqlarını başlarına qoyurlar. Bu əmr əlbəttə ki, isti hava ilə əlaqədar idi. Əmrdən sonra onlar yenə danışmağa davam edirlər, ən sonda zabit gülümsəyərək “Yox, yox!” deyə rədd cavabı verir. Sonra da gedir. Ancaq kəndlilər onun dalınca tərpənir. Qəfildən zabit dayanır və onları barmağını tuşlayıb deyir: Dayanın! Kəndlilər dayanırlar, lakin şikayətlənməkdə davam edirlər. Kənardakılar gülüb kəndliləri başa salmağa çalışsa da, onlar durmaq bilmirlər. Qatar hərəkət etdikdən sonra belə mən onların ağlamsıyan səslərini eşidirdim.

Mən yerimdə durub zabit və kəndlilər barədə düşünürəm. O, kəndlilərin ağasıdır, arxada qoyduğumuz kəndin, sübh çağı gördüyümüz sehrli sarayın, sonra keçdiyimiz onlarla mil uzunluğundakı qaratorpağın ona məxsus olması da mümkündür. O, kəndlilərə “Dayanın” deyən kimi onlar dayandılar. Bir zamanlar Peterburqda I Nikolayı küçədə təqib edən qəzəbli kütlə o, üzünü çevirib zəhmlə “Diz çökün! deyə əmr etdiyi zaman dərhal diz çökmüşdü.

Sadəcə əmr etməyi bacaran şəxsləri dinləyirlər. Napaleona heyranlıqla qulaq asırdılar. Dinləmək – zövq almaqdır. Ruslarda bu keyfiyyət hələ də qalmaqdadır.

Böyük Pyort haqqında yazdığı kitabda Valişevski deyir: 1722-ci ildə Moskvada olduğu zaman Berqolts təkərə bağlanlb əzablı şəkildə həyata keçirilən 3 edama şahidlik edib. Cinayətkarların lideri 6 saatlıq əzabdan sonra ölüb, digər ikisi isə daha çox tab gətiriblər. Biri əzablı işgəncəyə məruz qalarkən üzünü silmək niyyəti ilə qırılmış əlini qaldırarkən görür ki, uzandığı təkərin üstünə bir neçə damcı qan tökülüb. Bu anda sındırılmış qolunu yenidən qaldırıb axan qanı bacardığı qədər təmiz silməyə çalışıb. Bu tip insanlarla xeyli iş görmək olar. Ancaq onların təbii instinktlərini, düşüncə və təsəvvürlərini yumşaq metodlarla məğlub etmək qeyri-mümkündür. Belə hallarda əmrlər, çar sözü və zülm möcüzələr yaradır. Zabit “dayanın” dedi və kəndlilər o andaca dayandılar.

Yanımda dayanan bir cənab mənə nə isə deyir. Mən onu anlamasam da, gödəkçəmi işarə etdiyi üçün stearin haqqında danışdığını başa düşürəm. Ana dilim norveçcə ona hər cür təmizləyici vasitə və ütü ilə bunu təmizləməyə gələcək adamı gözlədiyimi izah etməyə çalışıram. Bu zaman onun simasında görünən mərhəmət hissi həmin adamın gələcəyinə heç də inanmadığını sübut edir. Fikirləşmədən paltarının qolu ilə gödəkçəmi təmizləməyə girişir. Az qalır gözündəki eynək düşsün, amma o heç bir şeyə əhəmiyyət verməyərək işinə davam edir. Az keçmiş stearin getməyə başlayır. Böyük təəccüb doğursa da, gödəkçəmdəki ağ ləkənin tamamilə yox olduğunu gördükdə onun mütəxəssis olduğunu anlayıram. Bu adama nə bağışlayım deyə düşünürəm; vizit kartımı, siqar və yaxud pul. Ən yaxşısı vizit kartıdır, onun üzərində dayanıram. Kartları axtarmağa başlasam da bir nəticə hasil olmur, yəqin ki, yüklərimin arasında qalıblar. Sadəcə minnətdarlığımı bildirməklə kifayətlənirəm, bildiyim hər dildə təşəkkür edirəm, o isə gülümsəyib başını tərpətməklə qarşılıq verir. Biz sanki bundan sonra əbədi dost oluruq. Mənimlə rus dilində danışmağa başlayır. Mən hər sözü anlaya bilmirəm, bu mümkün də deyil, amma tez-tez stearin deməsindən nə barədə danışdığını başa düşürəm. Nitqinin məğzi mənə aydın olsa da, dilimi bilmədiyi üçün cavab verə bilmirəm, çünki məni anlamayacaq. O, başqalarını da səsləyib məsələnin nə yerdə olduğunu izah edir, ərtafıma ona yaxın insan gəlir. Mən sakitliyimi saxlaya bilməyib norveçcə yenidən doğrayıb-tökməyə başlayıram. İntizarlara bununla son qoyulur. Mən bərkdən danışıb səslərini batıran zaman dərhal başlarını tərpədib razılaşırdılar. Dinləyicilərim arasında artıq mənə gödəkçəmdəki stearini təmizləməyə söz verən qatar xidmətçisini də görürəm. Mən ləkənin təmizləndiyi ona göstərdikdə nə isə deyir, onun da vəziyyətdən razı olduğunu hiss edirəm.

Yol yoldaşım başını kupedən çıxararaq norveçliləri necə tapdığımı başa düşməyə çalışır. Az sonra kupedəkilər yüksək səslə və tərbiyəsizcəsinə gülməyə başlayırlar. Bu səs dinləyicilərimi çaşdırır, belə olduqda səssizliyə bürünüb çıxıb gedirlər.

Keçdiyimiz bir kiçik çöl stansiyasında bərkidilmiş torpağın üstündə taxıl döyülür. Enli zolaqlarla buğda dərzləri torpağa düzülür. Sünbüllər tamamilə tapdalanana kimi atlar və öküzlər buğda dərzlərinin üstü ilə o tərəf-bu tərəfə sürülür. Bura xırmandır. Qum və xırda daşların rus buğdasının içindən çıxması məni təəccübləndirmir. Uşaqlıq illərimin şimalda keçməsi sayəsində Finmarken balıqçılarının Arxangelskdən gətirdiyi taxılı atamın balaca dəyirmanında necə çətinliklə üyütdüyünü yada salıram. Hətta qığılcım belə çıxırdı dəyirmanda rus taxılını üyütdüyü zaman. Mənə bu, qəribə təsir bağışlayırdı. O vaxtlar hələ taxıl döyülməsinin fərqli metodlarından xəbərsiz idim. İllər sonra Amerika buğda preriyalarında (Şimali Amerikada geniş çöl) yonqarın, torpağın və samanın tüstülədiyi iri buxar taxıldöyəni ilə olan üsulla da tanış oldum. Amma ən maraqlı metod – gənc kazak qızlarının öküzlərlə tapdalamasına burada şahidi oldum. Əllərindəki qamçı ilə heyvanları bərk-bərk vurur, bu zaman qamçı havada maraqlı naxışlar cızırdı. Kazak qızları nə kök idi, nə də bədənli, heç geyimləri də bahalı deyildi.

Çöl artıq əvvəlki kimi hamar yox, kələ-kötür idi. Solda lap uzaq nöqtədə sıra dağların ətəkləri görünür, bu, Qafqaz sıra dağlarının başlanğıc bölgəsidir. Torpaq burada çox münbitdir, düzənlikdə tikililər sıx yerləşib, dağ yamaclarında isə qəsəbələrə rast gəlinir. Havanın temperaturu artdıqca biz sıra ilə dayanıb ən nazik paltarlarımızı geyinmək üçün kupeyə girməyi gözləyirik.

Teleqraf dirəklərinin fasiləsiz müşayiəti ilə keçən yolculuğumuzda dirəklərdə məftillərin sayı yol boyu artıb-azalır. Burada isə 9 ədəd görürük.

Hərarət daha da artır, belə yüksək temperatur məni təəccübləndirir, axı əvvəllər buradan xeyli cənuba da getmişdim. İndi şərqdə olsaq da, Serbiya, Şimali İtaliya və Cənubi Fransanın olduğu en dairəsindəyik. Həmçinin, hava bürkü olacaq qədər də durğun deyildi, bütün qapıları və pəncərələri açdığımız üçün içəridə elə bir külək qopmuşdu ki, uçmasın deyə şlyapalarımızdan möhkəm tutmuşduq. Ancaq külək isti olduğundan çətinliklə nəfəs alırdıq. Sifətlərimiz sanki qara pionlar (qaymaqçiçəklilər fəsiləsindən ağ, qırmızı güllər açan çoxillik bəzək bitkisi) kimi görünürdü. Qadınlar isə şişmiş, burunları gülməli hal almışdı. Əlbəttə ki, xanımlar səhər tezdən yuyunmuşdular, amma qatarla uzun səyahət zamanı bunun elə bir mənası yoxdur.

Bakıdan xam və ağ neft daşıyan qatarla qarşılaşırıq. Hava yağlı vaqonlardan vuran qoxu ilə daha da zəhərli olur. Bir qədər irəlidə sol tərəfdə Beşdağ görünür, mədən sularına gedənləri düşürmək üçün kiçik bir stansiyada dayanırıq. Tanrıya şükür olsun ki, bu stansiyada yəhudi zabit də düşür, artıq məni qəti tanımır; buna rəğmən o, Vladiqafqaza gələnə qədər oranı tərk etmək mütləqdir!

Beşdağda sanatoriya və çimərliklər var. Hər bir dağ ayrı-ayrı öz zirvəsi ilə önümüzdə dayanıb. Həmçinin, burada 40 dərəcə temperaturu olan isti bulaqlar, eyni zamanda kükürdlə zəngin çeşmələr var. Bu çeşmələrdə üzümü bir neçə saat saxladıqda, kükürd üzümlə kristallaşır, sonda kükürdlü üzüm yaranır. Stansiyalarda bu tipdə qeyri-adi şeylər satılır. Uzaqda görünən qarlı dağlar, demək olar, göy üzündəki ağ buludlara qarışmışdı. Çöllərdən zirvəyə qədər ucalıb günəşin şəfəqlərı altında bərq vuran nəhəng dağlar əfsanəvi görünürdü. Saat 7-də axşam tərəfi hava sərinlədi. Yol boyu Qafqaz dağlarını ancaq sol tərəfdə görürük, onlara yaxınlaşdıqca hava da sərinləşir. Başlayırıq açıq vaqon qapılarını bağlamağa. 2 saat sonra hava xeyli soyuduğundan pəncərələri də bağlayırıq. Gödəkçəmdə olan stearin ləkəsi yenidən üzə çıxır, soyuq hava onu görünən edir. Beləcə, mütəxəssisimin də yalançı olduğu aydın olur, sadəcə özünü göstərirmiş.

Artıq günəş üfüqün arxasında gizlənib, uzaqlıq və əzəməti ilə fərqli bir dünya təsiri bağışlayan dağlar ağ-yaşıl rəngə boyanıblar. Orada həm qardan zirvələr, həm çökəkliklər, həm də qala və minarələr var. Bu səbəbdən də Puşkin, Lermontov və Tolstoyun ilk dəfə dağları gördükləri zaman onların sirli qüdrətini təsvir etmələrini anlamalıyıq.

Hava tez qaralır. Beslan stansiyasındayıq, mühəndis başqa qatara minib birbaşa Bakıya yola düşməlidir. Artıq yolumuza tək davam etməliyik. Bədirlənmiş ay görünür, ulduzlar isə sayrışır. Əzəmətli dağlar bizə qucaq açıb. 2 saat sonra ay və ulduzlar yox olur, ərtaf zülmət qaranlığa bürünür. Bu zaman çöldə iki nəhəng tonqal görünür, əhəng yandırırlar. Tonqaldan qopan qığılcımlar göyə qalxır, alovun yanında kölgələr tərpənir, itlər hürüşür.

Stansiya olduqca qaranlıq idi, tək-tük yanan fənərlər işıq verə bilmirdi. Bu halda yol yoldaşlarımızla sağollaşanda üzlərini güclə görürdük. Ailəsi ilə birgə Petrovskiyə və Dərbəndə yola düşən mühəndisdən sonra biz qaranlıqda Beslan stansiyasını bir qədər dolaşdıq. Kaş niyə burada dayandığımızı biləydim! Kimdən soruşmaq olar, görəsən? Bizə kim deyər? Stansiyada iki saat gəzdikdən sonra artıq qaranlığa öyrəşən gözlərimiz yaxşı görməyə başlayır.

Bepul matn qismi tugad.

16 837,36 s`om
33 674,71 s`om
−50%
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
17 oktyabr 2022
Hajm:
180 Sahifa 1 tasvir
ISBN:
978-9953-8069-9-1
Tarjimon:
Mualliflik huquqi egasi:
Alatoran yayınları
Yuklab olish formati:

O'xshash kitoblar