Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Sözlərin tarixi»

Shrift:

Məşhur amerikalı yazıçı-fantast, 500-ə yaxın bədii və elmi-kütləvi əsərin müəllifi Ayzek Azimovun (1920–1992) 1968-ci ildə işıq üzü görən “Sözlərin tarixi” (“Words from history”) kitabını oxuyarkən müxtəlif söz və ifadələrin izi ilə Qədim Misirə, Yunanıstana, Romaya səyahət edəcək, oradan orta əsrlərə düşəcək və günümüzə qayıdacaqsınız. Bu zaman məşhur tarixi şəxsiyyətlər – padşahlar, krallar, sərkərdələr, alimlərlə görüşəcək və dünya tarixini dəyişdirmiş hadisələrin şahidi olacaqsınız. Ən əsası isə, yüzdən çox söz və ifadənin yaranma tarixçəsi ilə tanış olacaqsınız.

Arabesk

Qədim yəhudilərin din xadimləri bütpərəstliyin istənilən təzahürünə qarşı idilər. Onlar öz təcrübələrindən çox gözəl bilirdilər ki, bütpərəstlərin mərasimləri insanları asanlıqla başdan çıxarıb aldadır. Ona görə də buna qarşı ən qətiyyətli tədbirlər görməyə qərar verdilər. Bütlərə sitayişin qadağan olunması yəhudi dininin ən əsas qanununa çevrildi. Amma iş bununla bitmədi. Sonradan sitayiş obyektinə çevrilmək ehtimalı olmasın deyə insan və heyvan şəkilləri çəkmək qadağan olundu.

Həm xristianlıq, həm qismən də olsa, islam öz kökləri ilə yəhudi dininə bağlıdır. Xristianlıqda ancaq sitayiş üçün nəzərdə tutulan insan və heyvanların şəkildə təsvir edilməsinə qadağa qoyulmuşdu. İslamda isə bu qadağa qeyd və şərtsiz idi: şəkil çəkmək, ümumiyyətlə, islama zidd idi.

İslam dininə ilk etiqad edən ərəblər çox romantik təbiətə malik idilər, onların gözəlliyi anlamaq hisləri çox inkişaf etmişdi. Canlı varlıqları təsvir etmək imkanları olmadığı üçün abstrakt ornamentlər yaratmağa başladılar. Onlar zərif naxışlara gül-çiçək motivlərini daxil edirdilər. Ərəb əlifbasının özündə hərflər sanki bir-birinə hörülür. Ərəblər bundan ornament yaratmağın bir üsulu kimi istifadə edir, lazım olanda hərfləri incə və nəfis naxışlarla bəzəyirdilər. Bu, yazını qəşəng etsə də, oxunmasını həddən artıq çətinləşdirirdi.

Əlbəttə, ornamentin həndəsi modellərindən ərəblərə qədər də istifadə olunmuşdu. Qədim Yunanıstanın incəsənətində buna çox nümunələr var. İntibah dövründə rəssamlar yenidən qədim yunan sənətinə müraciət etdilər. Bu sənətin əsas modellərini təqlid edərək onların daha zərif və incə nümunələrini yaratmağa başlayanda isə yadlarına ərəb naxışları da düşdü. Məhz bu səbəbdən İntibah dövrünün rəssamlarının həmin əsərləri arabesk adı ilə tarixə düşüb.

Tədricən özündə hər hansı bir mücərrədlik və ya ornament ehtiva edən digər sənət nümunələrini də belə adlandırmağa başladılar; məsələn, XIX əsrin ortalarında abstrakt melodiya əsasında yaradılan musiqi əsərləri də arabesk adlandırıldı. Baletdə xüsusi ifadəli dramatik rəqslər arabesk sayılır.

Arilər

Qədim dövrlərdə Qərbi Asiya dövlətlərinin ərazilərində qohum dillərdə danışan insanlar yaşayırdı. Bunlar babillilər, assuriyalılar, arameylər, yəhudilər və gildanilər idi. Onların dilləri semit dilləri adlandırılır, çünki Bibliyaya əsasən, bütün bu xalqlar Nuhun böyük oğlu Samdan törəmişlər.

Qədim mədəniyyət mərkəzlərindən şimalda yerləşən səhralarda isə tamamilə başqa dildə danışan köçəri xalqlar yaşayırdı. Miladdan öncə təxminən 2000-ci illərdə onlar atı əhliləşdirmiş, araba icad etmiş və bunlardan özlərinin istilaçı yürüşlərində istifadə etməyə başlamışdılar.

Bu köçərilərin bir hissəsi özlərini ari, yəni “alicənab” adlandırırdılar.

Miladdan öncə təxminən 2000 və 1200-cü illər arasında ari qəbilələri cənuba, Hindistana yürüş etmiş və o ərazinin böyük bir hissəsini tutmuşdular.

Arilərin dilləri sanskritə (qədim hindlilərin ədəbi dili), həmçinin bir sıra müasir hind və Avropa dillərinin çoxuna yaxın idi. Hazırda ari dillər qrupunu hind-Avropa dilləri adlandırırlar.

Bu dil əlaqələri aşkar olunduqdan sonra təbii olaraq belə bir fikir irəli sürüldü ki, həmin dillərdə danışan xalqlar eyni irqin nümayəndələridir. Semit dillərində danışan insanlar semitlər, hind-Avropa dillərində danışanlar isə arilər adlandırılmağa başlandılar. Avropa tarixçilərinin böyük əksəriyyəti arilər olduğu üçün təbii olaraq tarixi hadisələri elə təsvir edirdilər ki, guya arilər hər şeydə semitlərdən üstün olmuş və insana xas olan bütün müsbət keyfiyyətlərə məhz onlar malik imişlər.

Yeri gəlmişkən, irqlər dillərə görə ayrılmır. Hətta bu cür olsa belə, bir irqin digərindən üstün olduğunu söyləmək ən azından mübahisəlidir. Bununla belə, bu cür irqçilik ən yüksək həddinə XX əsrin 40-cı illərində – nasistlərin hakimiyyəti dövründə çatdı. Faşistlər yəhudilərin kütləvi qırğınına onların arilərə aid olmaması ilə haqq qazandırırdılar.

Avqust

E.ə. I əsrdə Roma Aralıq dənizi ətrafında bütün torpaqları öz nəzarətinə götürmüşdü. Xarici düşmənlər imperiyanın ərazilərinə qəsd etməyə cürət eləmirdilər. Amma Roma dövlətinin daxilində qüdrətli siyasətçi və sərkərdələrin bir-biri ilə apardıqları mübarizələr nəticəsində tez-tez vətəndaş müharibələri baş verir, bu üzdən də hərc-mərclik hökm sürürdü.

Ən görkəmli siyasətçi isə e.ə. 46-cı ildə Romanın vahid hökmdarına çevrilmiş Yuli Sezar idi. Şayiələr gəzirdi ki, o özünü imperator elan edə bilər və bu şayiələrin gerçəyə çevrilməməsi üçün 44-cü ildə bir neçə respublikaçı ona qarşı sui-qəsd təşkil etdi.

Yenidən vətəndaş müharibəsi alovlandı və sonda hakimiyyət Sezarın bacısı nəvəsi Oktavianın və ən çox etibar etdiyi sərkərdəsi Mark Antoninin əlinə keçdi. E.ə. 31-ci ildə onlar arasında gedən mübarizədən Oktavian qalib çıxdı və vətəndaş müharibəsi, nəhayət ki, başa çatdı, özü də bu dəfə uzun müddətə.

Romalılar yarım əsr davam edən qeyri-sabitlik, vətəndaş müharibələri və fəlakətlərin başa çatmasına sevinirdilər. Oktavian Roma imperiyasının əsasını qoydu (bax: “İmperiya”). Bunun nəticəsində romalılar bir çox hüquq və azadlıqlarından məhrum olmalarına baxmayaraq, əldə etdikləri təhlükəsizliyin qarşılığında hər şeyə razı idilər.

E.ə. 27-ci ildə qədirbilən romalılar Oktaviana yeni ad verdilər. Onu Avqust adlandırmağa başladılar, yəni avqurlar1 tərəfindən xeyir-duası verilmiş. Avqurlar gələcəkdən xəbər verməyi bacardıqları üçün bu ad uğurlu və xoşbəxt ad hesab olunurdu. Məhz bu adı ilə Oktavian insanların yaddaşında qaldı.

Avqustun özünü padşah elan etmək niyyəti yox idi, amma o, vaxtilə Yuli Sezarın düşündüyü bir çox islahatları gerçəkləşdirdi; məsələn, o, Sezar tərəfindən təklif olunan və hər dörd ildən bir, ildə 365 yox, 366 günün olmasını nəzərdə tutan, uzun il adlandırılan təqvim islahatını həyata keçirdi. Onu da demək lazımdır ki, bu islahat Roma əhalisi tərəfindən birmənalı qarşılanmamışdı. Buna baxmayaraq Avqust istəyinə nail oldu və o vaxtdan anadan olduğu sekstili ayı onun şərəfinə avqust adlandırmağa başladılar2.

Ayı balası Teddi

Amerikanın ən parlaq və görkəmli prezidentlərindən biri Teodor Ruzvelt idi. O, uşaqlıqda çox zəif olduğundan tez-tez xəstələnərdi. Sağlamlığını qorumaq üçün valideynləri onu təmiz havada daha çox vaxt keçirməyə və durmadan fiziki işlə məşğul olmağa məcbur edirdilər. Nəticədə T.Ruzvelt orqanizmini möhkəmləndirmiş və həmişə fəal həyat tərzinə üstünlük vermişdi.

Gənc Ruzvelt nə ilə məşğul olursa olsun, buna dəliqanlı və coşqun təbiətinin var gücünü sərf edirdi. Bir çox məsələlərdə o elə axıra qədər uşaq olaraq qaldı.

Ruzvelt Nyu-Yorkda özünü tamamilə siyasətə həsr etdi, polis komissarı oldu, sonra İspaniyaya qarşı müharibə elan olunmasını tələb edərək 1898-ci ildə Kubada süvari alayına şəxsən başçılıq elədi. O hər şeyi, çox vaxt ehtiyac olmasa belə, səs-küylə həll edirdi və nəticədə milli qəhrəmana çevrildi.

1899-cu ildə, müharibədən sonra T.Ruzvelt Nyu-York ştatının qubernatoru seçilərək bütün qüvvəsini islahatların həyata keçirilməsinə sərf etməyə başladı. Bundan çox da razı qalmayan siyasətçilər ondan canlarını qurtarmaq üçün namizədliyini o qədər də əhəmiyyətli olmayan vitse-prezident vəzifəsinə irəli sürdülər. O bu vəzifəyə seçildikdən az sonra isə prezident Makkinli öldürüldü və Teodor Ruzvelt ölkə prezidenti oldu. O, 1906-cı ilədək bu vəzifədə qaldı. Bu illər Ağ ev və bütün ölkə prezidentin özü kimi coşub- qaynayırdı.

1908-ci il seçkilərində namizədliyini irəli sürməkdən imtina edən T.Ruzvelt himayəçisi olduğu Uilyam Hovard Taftın bu vəzifəni tutmasına imkan yaratdı, özü isə Şərqi Afrikaya, safariyə yola düşdü. Amerikalılar onun ov zamanı əldə etdiyi uğurlar haqda xəbərləri həvəs və bir qədər də istehza ilə izləyirdilər. Uşaqların çox sevdiyi yekəqarın oyuncaq ayı balası T.Ruzveltin şərəfinə Teddi adlandırıldı (ola bilsin, bununla Ruzveltin ovda ayı öldürdüyünə eyham vurulurdu) və indiyədək bu adı daşıyır.

Yeri gəlmişkən qeyd edək ki, avstraliyalı koala həmin ayı balasına çox oxşadığından onu da hərdən Teddi çağırırlar.

Barbar

Adamlar, adətən, insanları iki qismə ayırır: özlərinə oxşayanlara və oxşamayanlara (yəni özlərinə və yerdə qalanlara). Bu özünü, əsasən, başqa dildə danışanlara, yəni xaricilərə münasibətdə büruzə verir. Az səyahət edən, ətrafında ancaq ana dilini eşidən adamlar başqa dildə danışan insanların mövcud olması faktından (başqa dillərin də mövcudluğundan) təəccüblənir və heyrətə gəlirlər. Ümumiyyətlə, iki adamın bir-biri ilə söhbət edib başa düşdüyü, sənin isə onları dinləyib heç nə anlamamağın olduqca məzəli və maraqlıdır.

Qədim yunanlar üçün xarici dillər mənasız söz yığını idi – “bar-bar-bar”. Ona görə də onlar əcnəbiləri “barbaroi” adlandırırdılar. İngilis sözü “barbarian” öz mənşəyini buradan götürür.

İlk vaxtlar bu söz mənfi məna daşımırdı. Sadəcə, əcnəbi demək idi. Yunanlar, əsasən, nisbətən mədəni xalqlar sayılan suriyalı, misirli və babillilərlə təmasda olurdular. Bu xalqlar yunanlar üçün barbarlar idi, amma bu heç də həmin xalqların mədəniyyətdən uzaq olması anlamına gəlmirdi.

Ancaq Miladdan öncə IV əsrdən başlayaraq yunanlar qədim dünyanın böyük hissəsinə nəzarət etməyə və onların əsarətinə düşən (yəni yunanca danışmayan) xalqlara yuxarıdan aşağı baxmağa başladılar. Yunanlar özlərini digər xalqlardan elm, ədəbiyyat, incəsənət və ümumiyyətlə, mədəniyyətlərinin inkişaf səviyyəsinə görə daha üstün sayırdılar (sözün düzü, elə biz də belə fikirləşirik). Bu səbəbdən də barbarlara (yəni əcnəbilərə) ikincidərəcəli adamlar kimi münasibət göstərməyə başladılar.

E.ə. II əsrdə romalılar Yunanıstanı zəbt edəndən sonra isə yunanlar onları istila edənlərə aşağı irqin nümayəndələri kimi baxa bilməzdilər. Bu səbəbdən də romalıları mədəni xalqlar sırasına daxil etdilər. Yunan və latın dilində danışa bilməyənlər isə barbar sayılırdı. Romalılar Aralıq dənizi sahilindəki əraziləri tam zəbt edəndən sonra belə adamlara, demək olar ki, rast gəlmək artıq mümkün deyildi.

Ən böyük təhlükə mənbəyi isə Şimali Avropada yaşayan german tayfaları idi. III–V əsrlər ərzində həmin tayfalar imperiyanın bu başından girib o başından çıxaraq onun qərb hissəsini məhv etdilər. Nəticədə danışdığı dildən asılı olmayaraq bütün mədəniyyətsiz insanlar barbar adlandırılmağa başlandı. Bizim günlərdə isə mədəniyyətsiz və yöndəmsiz adamlara barbar deyilir.

Beşinci dəstə

1931-ci ildə İspaniyanın sonuncu kralı XIII Alfonso3 ölkədən qovulmuş və orada respublika elan edilmişdi. 1936-cı ilin fevral ayında liberal və sol partiya nümayəndələrindən ibarət koalisiya hakimiyyətə gələrək Xalq cəbhəsi adı ilə ölkəni idarə etməyə başladı.

Keçmiş mühafizəkar qruplar bu hökuməti zor gücünə hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəldi. Ordu və kilsə də onların tərəfində idi. Bundan əlavə, İtaliyanın mütləq hakimi Mussolini də onlara kömək əlini uzatdı. 1936-cı ildə Fransisko Frankonun başçılığı altında üsyan başlandı.

İlk vaxtlar müvəffəqiyyət üsyançıların tərəfində idi və onlar İspaniyanın yarısına nəzarəti ələ keçirmişdilər. Onlar Mussolinidən əlavə, Almaniyanın rəhbəri Hitlerdən də yardım alırdılar. Digər tərəfdən İspaniyanın almanların müttəfiqinə çevrilməsi İngiltərə və Fransanın maraqlarına zidd olsa da, onlar bunun qarşısını almaq üçün heç bir addım atmadılar. İngilislər və fransızlar İspaniyanın qanuni hökumətini (loyalistləri) köməksiz qoyaraq ona yardım təklif etmiş yeganə dövlət olan Sovet İttifaqının ağuşuna atdılar.

1936-cı ilin noyabr ayında general Emilio Molonun başçılıq etdiyi dəstələr Madridi mühasirəyə almağa başladı. Molo jurnalistlər qarşısında lovğalanaraq şəhərin tezliklə təslim olacağını bildirirdi. O, rəhbərlik etdiyi dörd dəstənin Madridə doğru irəlilədiyini və lazım olan vaxt şəhərdə Frankoya rəğbət bəsləyənlərdən ibarət beşinci dəstənin də hərəkətə keçəcəyini bəyan edirdi.

O, səhv edirdi. Beşinci dəstə ya orada yox idi, ya da ki hərəkətə keçmədi. Madrid hələ iki il yarım üsyançılara müqavimət göstərdi. “Beşinci dəstə” kəlamı isə arxada düşmənlə gizlicə əlbir olan, ona rəğbət bəsləyən satqın qrup mənasında dilə düşdü.

Nəticədə Franko 1939-cu ildə bütün İspaniyaya nəzarəti ələ keçirdi, II Dünya müharibəsi zamanı bitərəf oldu. O, “tərəf-müqabilləri” – Hitler və Mussolinidən çox yaşayaraq indiyədək İspaniyanın faşist diktatorudur4.

Bohema

XV əsrin əvvəllərində Mərkəzi Avropada o vaxta qədər avropalılara tanış olmayan qarabuğdayı insanlar peyda oldu. Bu, avropalılara naməlum dildə danışan köçəri tafyalar idi. Onların işi və daimi yaşayış yeri yox idi. Avropalılara məlum olan dinlərdən də heç birinə etiqad etmirdilər. Çörək pullarını fala baxmaq və gələcəyi xəbər verməklə qazanırdılar.

Danışdıqları dil onların Hindistandan gəldiklərinə dəlalət edirdi. Onların hindlilərlə oxşar cizgiləri var idi. Ancaq XV əsrin avropalılarının nə Hindistan, nə də oradakı xalqların danışdıqları dillərdən xəbəri vardı. Düzdür, onlar Bibliya vasitəsilə bir az Misir haqda eşitmiş, misirlilərin qarabuğdayı olub qəribə bir dildə danışdıqları haqda oxumuşdular. Buna görə də Avropaya axın edən bu insanları misirlilər adlandırmağa başladılar. İngiliscə bu – Egyptians kimi səslənirdi. Tezliklə bu söz qısalaraq gypsies şəklini aldı.

Gypsies, yəni bizim qaraçı kimi tanıdığımız bu insanlar qismən gəlmə olduqları, qismən çörək pullarını heç də qanuni yolla deyil, sadəlövh insanları lap müasir fırıldaqçılar kimi aldadaraq hiylə ilə qazandıqları üçün daim təqib ediliblər. İngilis dilində mövcud olan və aldatmaq mənasını verən ”gyp” sözü də “gypsies” sözündən əmələ gəlib.

Qaraçıların bir yerdə qərar tuta bilməyərək ölkə-ölkə, oba-oba gəzdiklərinə, azad həyat sürmələrinə, əzab-əziyyət çəkmələrinə baxmayaraq, bir çoxları üçün məsuliyyət və hər hansı öhdəçilikdən uzaq belə bir həyat tərzi çox cəlbedici görünürdü. Belə təəssürat yaranmışdı ki, qaraçıların həyatı skripka çalıb eyş-işrət məclisləri qurmaqla keçir.

1427-ci ildə qaraçılar Parisdə peyda olanda fransızlar onlar haqda yalnız Mərkəzi Avropadan gəldiklərini bilirdilər. Söz-söhbət yayılmışdı ki, guya onların vətəni Bohemiyadır (indiki Çexiyanın qərb hissəsi), ona görə də fran- sızlar qaraçıları bohemiyalılar adlandırdılar və indiyədək belə də çağırırlar.

Qaraçıların həyat tərzi haqda geniş yayılmış fikirlərə fransızlar da inanırdılar. Cəmiyyətdə yazıçı və rəssamların da qaraçılar kimi şən və qayğısız həyat sürdükləri haqda bir inam var idi. Bu üzdən də onları bohemiyalılar adlandırmağa başladılar. O vaxtdan “bohema” sözü, bir qayda olaraq, bütövlükdə yaradıcı insanlara şamil edilir. Amma Bohemiyanın ciddi sakinlərində bohemiyalılıqdan əsər-əlamət yoxdur.

Bolşevik

Bəşər tarixində xalqa məxsus olan mülkiyyəti əvvəlcə bir yerə toplayıb, sonra qardaşcasına hamı arasında bölmək lazım olduğunu hesab edən insanlar vaxtaşırı üzə çıxırdı. Belə kommunalar, əsasən, xristianlığın ilk çağlarında tez-tez yaranırdı. Çox vaxt bu cür təcrübələr müsbət nəticələnmirdi. Səbəb isə insanların heç də özləri düşündüyü kimi, bir-birinə qardaş münasibət bəsləmədikləri idi.

1844-cü ildə alman filosofu Karl Marks özünün “Kommunist partiyasının manifesti”ni dərc etdirdi. Burada o, kommunizmin əməli nəzəriyyəsini işləyib hazırlamağa cəhd göstərmişdi. Kommunizm hərəkatı öz əsasını buradan götürdü.

Kommunizmdən qorxanlar onu milyonlarla ağılsız (və düşüncəsiz) məxluqun aldıqları əmrləri kor-koranə yerinə yetirdiyi irimiqyaslı vahid bir sistem hesab edirlər (katolik, yəhudi və ya amerikalılardan qorxanlar da onlar haqda eynilə belə düşünürlər). Amma əməldə kommunistlər də, digər sosial və ictimai qrupların üzvləri kimi, daim bir-biri ilə mübarizə aparırlar.

Zalım istibdad-monarxiya üsulu ilə idarə olunan Rusiyada marksist qruplar XIX əsrin sonlarında yaranmağa başladı. Dərhal da aralarında sonrakı fəaliyyət haqda mübahisələr düşdü. Ən qabaqcıl marksistlərdən biri sonradan Lenin təxəllüsü götürəcək Vladimir İliç Ulyanov idi. O, ölkənin siyasi həyatında iştirakı və inqilaba hazırlıq üçün istənilən imkandan istifadə edə biləcək bir partiya yaratmaq istəyirdi. Onun opponentləri isə diqqəti iqtisadi problemlərin, məsələn, maaşların artırılması məsələsinin həllinə yönəldərək siyasi fəaliyyətdən uzaq durmağı təklif edirdilər.

1903-cü ilin avqust ayında Brüsseldə rus kommunistlərinin qurultayı keçirildi5. Gözəl natiq olan Lenin qurultay iştirakçılarının çoxunu öz tərəfinə çəkə bildi və dərhal öz qruplaşmasını bolşeviklər (yəni “çoxlar”) adlandırdı. Demək lazımdır ki, bu olduqca gözəl bir təbliğat kələyi idi.

Bu ad həqiqəti əks etdirmirdi, belə ki, sonradan bu qrup cüzi səs toplayaraq, demək olar, azlıqda qaldı. Buna baxmayaraq “bolşevik” adı bu qrupa bir damğa kimi yapışaraq xalq arasında nüfuzunu artırırdı. Çar hökumətinin rüşvət içində boğulması və Rusiyanın I Dünya müharibəsində məğlub olması nəticəsində 1917-ci ilin payızında bolşeviklər hakimiyyəti ələ keçirdilər. “Bolşevizm” sözü bir çox dünya dillərinə daxil oldu və “kommunizm”in sinonimi kimi qəbul edilməyə başlandı.

Boykot

İrlandiyanın olduqca faciəli tarixi var. IX əsrdə vikinqlərin quldur basqınları vaxtilə çiçəklənən dövləti xaraba qoydu. Sonra ingilislər gələrək Dublin və ətraf əraziləri tutdular. Beş əsr ərzində İrlandiyanın qərb hissəsi İngiltərəyə qarşı mübarizə apararaq azadlıq və müstəqilliyini qorumağa çalışdı. Lakin 1641-ci ildə Oliver Kromvel qəti və haradasa qəddar tədbirlərlə bütün adanı nəzarətə götürə bildi.

1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdi. Bundan sonra irlandiyalılara İngiltərə parlamentində öz nümayəndələri ilə təmsil olunmağa icazə verilsə də, bu, İrlandiyanın, əsasən, katolik ölkəsi olmasına baxmayaraq, sadəcə, protestantlara şamil edilirdi.

İrlandiyalı katolik-kəndlilər muzdlu işçi kimi ingilis protestantlarının torpaq ərazilərində işləyirdilər. Həmin torpaq sahibləri İngiltərədə yaşayır, İrlandiyada isə öz müvəkkilləri vasitəsilə fəaliyyət göstərirdilər. Müvəkkillər isə ancaq öz iş yerlərini qorumaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular. Beləliklə, torpaq sahibləri kəndlilərin yoxsulluğunu və gündəlik əzab-əziyyətini görmür və vicdan əzabı çəkməkdən qurtulmuş olurdular.

1845-ci ildə aclıqdan İrlandiyada minlərlə insan həyatını itirdi. İngiltərə isə irlandiyalıların aqibətini azca da olsun yaxşılaşdıra biləcək bir addım belə atmadı. 1879-cu ildə ölkə yenə aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili isə icarə haqqını aşağı salmaqdan boyun qaçırır və vaxtında pulu ödəməyən icarədarları köçürmək istəyirdi.

İrlandiyanın parlamentdəki baş nümayəndəsi Çarlz Stüart Parnell zorakı üsullara əl atmamaq haqda çağırış etdi. Bu çağırışa hamı qulaq asdı və müvəkkili görməzliyə vurmağa başladılar. Hamı ona arxasını çevirir, heç kim söhbət etmir, sanki həmin insanın mövcudluğunu belə duymurdular. O, insanlarla ünsiyyətdən məhrum olaraq, bir növ, vakuuma düşmüşdü.

Belə bir münasibətə dözə bilməyən müvəkkil İrlandiyanı tərk etməli oldu. Nəticədə, qəribə olsa da, İngiltərə parlamenti İrlandiyadakı vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görmək məcburiyyətində qaldı. Həmin müvəkkilin adı isə Çarlz Kanninghem Boykot idi. O vaxtdan da “boykot” sözü bir adam və ya bir qrup insanla danışmamaq mənasında işlənməyə başlandı.

Centlmen

Keçmişdə insan özünü böyük vahid bir aləmin – öz ailəsinin bir parçası hesab edirdi. Onun ünsiyyətdə olduğu insanlar, ilk növbədə, ailə üzvləri ilə məhdudlaşırdı. Düzdür, o vaxtın ailələri müasir ailələrdən qat-qat böyük idi. Ailəyə bir ad altında birləşən yaxın və uzaq qohumların böyük qrupu daxil idi. Bu cür “genişləndirilmiş” ailəni klan6 adlandırmaq olardı. Bu söz kelt dilindən götürülüb və əsasən, Şotlandiya ilə əlaqələndirilir.

Qədim Romada bu cür böyük ailə gens adlanırdı. Yeri gəlmişkən, sözün kökü olan “gen” doğuluş, nəsli davam etdirmək anlayışları ilə bağlıdır. Buna sübut kimi “genitali”, “genetika” sözlərini göstərmək olar.

Təbii ki, romalılar (bütün başqa insan qrupları kimi) mənsub olduqları və onlarla qohum olan genslərin üzvlərinin dünyanın digər xalqlarından inkişaf səviyyəsinə görə daha yüksəkdə dayandığına əmin idilər. Onlar özlərini və qohum genslərə mənsub olanları “gentle”, yəni anadangəlmə əsilzadə sayırdılar. Beləliklə, centlmen əsilzadə insandır.

Əsilzadə insan, təbii ki, alicənab və nəzakətli olmalıdır, buna görə də “centlmen” kəlməsi mədəni, alicənab, başqalarına qarşı diqqətli olan adamlara şamil edildi. Hər halda, ABŞ-da bu söz məhz bu mənada işlənir. Ailə münasibətlərinin hələ də möhkəm olduğu Böyük Britaniyada isə insan alçağın biri olmağına baxmayaraq, centlmen, yəni zadəgan əsilli sayıla bilər.

1.Avqurlar rəsmi dövlət falabaxmasını həyata keçirən fəxri Roma kahinlər kollegiyasının üzvləri idilər (red.).
2.Qədim Roma təqvimində il mart ayından başlayırdı. Miladdan əvvəl 46-cı ildə Qay Yuli Sezar Misirin Günəş təqvimini öz ölkəsində tətbiq etdi və növbəti ildən təqvimdə ilk gün yanvarın 1-i qəbul edildi. Onun bu islahatını nəzərə alaraq romalılar yeni təqvim üzrə yeddinci ayı, yəni kvintilisi Sezarın şərəfinə iyul adlandırdılar.Sezardan sonra hakimiyyətə gəlmiş Oktavian Avqust öz sələfinin – Yuli Sezarın təqvim islahatlarını davam etdirdi. Dörd ildən bir fevralın 29 gündən ibarət olması məhz bu imperatorun adı ilə bağlıdır. Buna görə də sekstili ayının adı dəyişdirilib avqust adlandırıldı (red.).
3.Bu kitab yazılan zaman (1968) XIII Alfonso, həqiqətən də, sonuncu kral idi. Məsələ bundadır ki, İspaniya diktatoru generalissimus Fransisko Franko 1969-cu ildə Xuan Karlosu öz varisi elan etmişdi. Amma o, taxta ancaq diktatorun ölümündən sonra çıxa bilərdi. Məhz belə də oldu və 1975-ci il, noyabrın 22-də Xuan Karlos taxta çıxdı. 39 ildən sonra – 2014-cü il iyunun 18-də isə o, oğlu VI Felipenin xeyrinə taxt-tacdan imtina etdi (tər.).
4.Yuxarıda qeyd etdiyimiz kimi, Franko 1975-ci il noyabrın 20-də dünyasını dəyişib.
5.Sonradan Belçika polisi qurultayın nümayəndələrini ölkədən çıxartdığı üçün o öz işini Londonda davam etdirdi.
6.Kelt xalqlarında İrlandiya, Şotlandiya və s. qəbilə icmalarının adı
12 337,84 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
ISBN:
9789952242140
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Muallifning boshqa kitoblari