Kitobni o'qish: «İsahəq, Musahəq»
Müqəddiməvari bir şey
Həyatımı və mübaliğəsiz demək olar ki, bütün varlığımı kökündən dəyişdirən hadisələr burulğanı Qara Canbalayevin ilk baxışda çox adi görünən sualı ilə başlanmışdı: "Sənin ana dilini əlindən alanmı var ki… Anadil qoymusan təxəllüsünü? Necə yəni Anadil?! İzah elə".
Adi, əmma eyni zamanda təkidli izah tələb edən sualın cavabında təxminən yarım saat danışandan sonra kişinin marağının tələbatını ödədiyimi düşündüyüm halda, həmin gündən, yəni 1957-ci il sentyabrın birindən etibarən, yuxarıda dediyim kimi, elə hadisələr burulğanına düşdüm ki, bu burulğandan qurtarmağa – xilas olmağa heç bir ümidim yox idi. İndi, aradan xeyli keçəndən sonra, qələm əlimdə, stolumun arxasında oturub fikirləşirəm: xilas ola bilməmişəmmi? Beynimdəki bu qaynar qazanın səbəbi nədir? Müxtəlif dövlət təşkilatlarında, müxtəlif evlərdə sorğu-suallardan, çəkçevirdən niyə qaçıram? Yazdığım əsərin, özümün taleyim necə olacaq? Səbəb nədir ki, Azərbaycan Sovet Sosialist Respublikası adlanan bu ölkədə "Sovet yazıçıları" adlanan əliqələm- lilərin arasında beş-on nəfərdən başqa heç kəsin tanımadığı, hələ bir hekayəsi də çap olunmamış bu bədbəxt gənc yazıçının ətrafında, Canbalayevin ifadəsi ilə desəm, “ajiotaj başlanmışdı? Səbəb nədir ki, bəlkə də əvvəlinci və axırıncı olan bu əsərdə Qara adı, Canbalayev familiyası ilə oxucuya təqdim etdiyim dəhşət mücəssəməsindən başlamış, özüm də daxil olmaqla, burulğanda burulanların hamı-sının adını, familiyasını dəyişdirib, həqiqətdə sənədli olan əsərdə, hətta hadisələri də mümkün qədər də-yişdirmək istəyirəm? Belə bir qorxaqlıqdan, aciz-likdənsə, bəri başdan qələmi atmaq daha yaxşı de-yilmi?.. Mənə elə gəlir ki, qaynar qazanda qayna-yan saysız-hesabsız sualları burdaca kəsib, hər şeydən əvvəl, Canbalayevin hədsiz marağına və mənim burulğana düşməyimə səbəb olan təxəl-lüsün harda, nə vaxt, necə yaranmasının tarixcəsini danışmasam, həyatımı və bütün varlığımı dəyişdirən hadisələrdən birini də lazımı dərəcədə yerli-yataqlı danışmaq olmaz.
"Anadil" təxəllüsü sovet yazıçıları adlanan əliqələmlilərin mühitindən çox-çox uzaq bir aləmlə, mənim "Nailə" əvəzinə "Nalə" çağırdığım bir qızın əsl mənada dünya dolusu dünyası ilə bağlıdır.
1. Anadil Sirri
O vaxt mənim vur-tut yeddi yaşım vardı.
Müharibənin başlanmasından cəmi dörd ay keçsə də, artan vergilər, "tank pulları", ən əsası da kişilərin səfərbərliyə alınması camaatın əksəriyyətini, o cümlədən bizi də kasıblatmışdı. Hər axşam anamla həyətdə, çardağın altında oturub, yovşandan süpürgə bağlayardıq ki, süpürgələri satıb ələ gələn qəpik-quruşa çörək alaq.
Bir axşam darvazada, bomboz bozarmış əsgər paltarında, uzun, qapqara bir kişi ilə on iki-on üç yaşlarında arıq bir qız uşağı göründü.
Anam əlini gözlərinin üstünə qoyub, diqqətlə baxıb, birdən dik atılıb gələnlərin qabağına yüyürdü.
Kişiyə əl verib, əyilib əlindən öpdü.
– Qədəmlərinə qurban olum, Seyid! – dedi.
Qızın isə yanaqlarından, alnından öpdü. Bəriyə, mənim yanıma gəlmədən, elə orda – darvazanın qabağında nə barədəsə uzun-uzadı söhbət elədilər.
Sonra gəlib çardağın altında oturdular; kişi ocaq yerinin yanına atılmış sacayağının üstünə çöküb məni qucaqladı, qız isə onun ayaqlarının böy-ründə, palazın qulağında bardaş qurdu.
Anamın sifəti tutulmuşdu. Ocaq yerinin qırağında qonaqların əlinə qara aftafadan su tökdü, tələsə-tələsə süfrə açıb, iki nimçə qatıq və çörək gətirdi. Bugünkü kimi yadımdadır; anam çörəyi qıyma-qıyma doğradıqca, kişinin hulqumu tez-tez qalxıb-enirdi. İri, qırxıq başının ortasında yastılanmış əzik-üzük pilotkasını qaldırıb, islaq yaylığını təpəsinə, boyun-boğazına sürtürdü. Qız tez-tez qatığa, çörəyə baxıb, qızarıb-pörtüb, qarayanıq əllərini dizlərinin üstünə sıxıb eynilə atası kimi udqunurdu. Atası olduğunu indi deyirəm. O vaxt isə ancaq hiss edirdim ki, atasıdır. Sifətlərinin uzunluğu ilə gözlərinin göyüklüyü bir-birinin eyni idi. Baxdım ki, qızın ayaqqabısının birinin burnu deşilib, baş barmağı görünür. Hardansa, uzaq yoldan gəlmişdilər, həm bərk yorulmuş, həm də acıb təntimişdilər.
Sacayağının üstündən qalxıb süfrənin qırağında qızı ilə üz-üzə bardaş quranda, kişi, anamın doğradığı çörək dilimlərini dalbadal götürüb, ovcunda ovub nimçəyə doldurdu.
Doğrama qatı oldu, kişi, hətta nimçənin içində qaşığı hərləyə bilmədi.
Anam mənə göz-qaş eləyib, çardağın dalına çağırıb pıçıldadı ki:
– Qonaq çörək yeyəndə ağzına baxmazlar.
Atam müharibəyə gedəndən hamı məni “evin kişisi adlandırsa da, görünür, bu adı doğrultmağıma hələ çox vardı: anamın sözünü başa düşməyib, lap ucadan soruşdum ki:
– Dilənçidilərmi?
Və sol qulağımın üstündə gupbuldayan şillədən özümü itirdim.
Kişinin duruxub, qaşığı doğramaya sancıb kənara itələdiyini görəndə anam dümağ ağardı.
Qızın da eynilə atası kimi, qaşığı doğramaya sancıb, əlinin çəkdiyini görəndə isə, anam uğuldayan qulağımın üstünə bir şillə də çəkdi.
– Kişi sənin əmindi. Seyid Əli əmin! Qızı da sənin əmin qızıdı, bacındı! Dağdan gəliblər.
Uşaqlıqda mən ağlağandım. Əmma orda gözümdən bir damla da salmadım; heyrətlə anamın ağarıb birdən-birə islanmış sifətinə baxa-baxa qaldım.
Anam isə, yalnız indi başa düşürəm ki, görünür, mənim baxışıma dözə bilməyib, üzünü döndərib çardağın altına qayıtdı. Orda qızın saçlarını sığalladı, yanaqlarından öpdü, nimçəni yenidən kişinin qabağına qoydu.
Bu dəfə kişi doğramanı çox könülsüz yedi, qız isə yenə əllərini dizlərinin üstünə qoyub yerə baxdı.
Orda – çardağın altında çox şey oldu, bunların üstündən keçirəm.
“Çox şey deyəndə, məsələn, kişi məni bir də qucaqlayıb qəribə sözlər dedi:
– Uzaqda, İrəvan deyilən yerdən bəridə, dağda bir kənd var. Adını yadında saxlayammazsan. Ağbizən deyirik. Ağlar da deyirik. Ordan gəlmişik biz. O kənddə anadan olubsan. Ağlar kəndində. Bir az da böyü, özün biləcəksən hər şeyi. Yorğun olmasaydım, çoxlu-çoxlu danışardım sənə Ağlar kəndindən. Uzun-uzun qayalar var orda. Üzünü tutursan qayalara, deyirsən: "Mən Rəşidəm", qayalar da deyir: "Mən Rəşidəm". Dərədə çay var. Çayda çoxlu yekə-yekə daşlar var. Əlini salırsan daşın altına, balıq tutursan. Qızıl balıq!.. Yüz kilometr pay-piyada yol gəlmişik, Rəşid balam. Çox acmışdıq, yedik, doyduq. İndi yatmasaq, bax elə burdaca yuxu tutar bizi, ocağa yıxılarıq. Hə, bə nə! Yuxun gələndə, sən də həmişə ocaqdan aralı dur…
“Çox şey" deyəndə, məsələn, qız qoftasının qoynundan bir dəstə sarı çiçək çıxartdı.
– Sənə gətirmişəm. Boxça çiçəyidi, – dedi. – Saxlasan, lap sən qoca kişi olanda da görərsən xarab olmur boxça çiçəyi. Al.
O bir dəstə sarı-qızılı çiçək dəstəsi hal-hazırda bir qəbrin içindədir; yeri gələndə deyərəm kimin qəbrinin içindədir. Yəqin ki, orda da “xarab olmur. Nə isə, belə şeylərin yeri deyil hələ.
Anam evimizin o biri gözündə, atamın taxtında kişiyə, mənim çarpayımda isə qıza yer saldı. Bu az imiş kimi, hətta mənim yorğanımı aparıb qızın üstünə örtdü.
Bütün bunlar – qohumlarımızın gəlişi də, anamın birdən-birə belə dəyişib sərtləşməsi də mənim üçün tamam anlaşılmazdı. Əmma azacıq sonra daha müəmmalı, daha sirli bir hadisənin şahidi oldum.
Seyid Əli əmi qızını öz əli ilə çarpayıya uzadıb üstünü örtəndən sonra, bayaq dediyinin əksinə, yatmaq əvəzinə qayıdıb çardağın altında, yenə sacayağının üstündə oturdu.
Məni soyundurub yerə salandan sonra anam da oraya – çardağın altına qayıtdı. Orda gecə yarıdan keçənə qədər oturdular.
Nə danışırdılar? Nə üçün elə xəlvətdə danışırdılar? Ürəyimi narahat döyündürən bu sualların cavabını o gecə söhbətindən çox-çox sonralar bildim. O gecə isə bildiyim yalnız bu oldu ki, anamla əmimin söhbəti nə isə heç xoşagələn deyildi. Mən ayağımın altına stul qoyub pəncərə-dən onları pusurdum. Seyid Əli əmi hərdən ah çəkə-çəkə, aram-aram nə deyirdisə, anam hər iki əli ilə saçlarını xışmalayıb sızıldaya-sızıldaya yırğalanırdı. Bu vaxt Seyid Əli əmi sacayağının üstündən dikəlib, anamın biləklərindən tutub, əllərini saçlarından qoparırdı, yenə nə isə danış-mağa, başını bulayıb ah-uf eləməyə başlayırdı.
Mən vahimə içində donub qalmışdım.
Gecə yarıdan keçəndə Seyid Əli əmi "saldat sapoqları"nı sürüyə-sürüyə, ağır-ağır gəlib o biri otağa keçdi. Nədənsə, burda o, mənə donqarlanmış kimi, çox dərdli, həm də (indi fikirləşirəm ki) doğmalaşmış kimi, həqiqətən əmim-atamın qardaşı kimi görünürdü.
Daha səbr edə bilməyib evdən çıxmışdım. Soyuq gecədə büzüşüb eyvanda, məhəccərin dalında gizlənmişdim. Bilirdim ki, səsimi çıxarsam anam dərhal götürüb yorğan-döşəyə basacaq.
Çardağın altında ocağımız çat-çat yanırdı. Anam sac asmışdı. Alovun dilləri sacın qırağından uzanıb qarmaq kimi qatlandıqca, anamın yanaqlarında yaş parıldayırdı. Əvvəllər anam gecələr sac asıb yuxa yayanda məni həmişə yanında otur-dardı, ya da elə ordaca yorğanın arasına bükər, "sən yat, anan da sənə fətir bişirsin", – de-yərdi. Anamın urvadan-undan ağarmış iri əllərinə, sacın üstünə salınan kimi buğlanmağa başlayan, ordan-burdan üfürülüb qabaran fətirə, gecənin qaranlığında gah sacın altına çəkilən, gah da yanlardan baş vurub titrəyən qırmızı alova tamaşa edə-edə, uzaqda, meşədə öz quş dillərində bir-birini çağıran Anadil quşlarının "qub-qub", “qub-qub səslərinə qulaq asa-asa nə vaxt yuxuya getdiyimi bilmədim.
Bəzən evimizin həndəvərindəki əkinlər suvarılanda, çardağın altına, ocağın işığına min cür bədheybət cücü uçub gələrdi. Belə vaxtlarda əlimə süpürgə götürüb anamın oturduğu palazın altına doluşmağa çalışan eybəcər danadişləri qırmağa başlardım. Anam mənim canfəşanlığıma baxa-baxa gülərdi: "Vur! Vur! Başına dolanım! Qır bu faşist köpəkuşağını!" Danadişilər az-az uçan vaxtlarda o məni dizinin dibində oturdardı, isti fətiri dürməkləyib təkidlə axırıncı loxmayacan yedirərdi. Mən ağzımı açanda anam da açardı, mən loxmanı udanda anam da udqunardı, elə bil o da mənlə bərabər yeyərdi.
Bir gözü sacda, bir gözü məndə olardı: "Mənim həyanım! Evimin yanan çırağı, – deyərdi. İndi isə oğlunu yaddan çıxartmışdı".
Yalxı köynəkdə, məhəccərin dalında soyuqdan büzüşmüşdüm, titrəyirdim, anam isə orda ağlayırdı. Bu qədər ağladığını heç vaxt görməmişdim. Uzun dəmir şişlə qara sacın üstünü cıza-cıza fətiri çevirdikcə, şalının ucu ilə tez-tez gözlərini silirdi. Böyründə, saçaqlı süfrənin üstündə artıq bir qarış qalınlığında fətir vardı. Bu qədər fətiri neynirdi?
Arada yuxu basdı məni. Sonra, nədənsə, oyanıb, anamı yenə orda – ocağın qırağında gördüm.
Seyid Əli əmi içəridə, palaz üstə uzanıb o yanbu yana çevrikirdi, "Of, ay fələk! Of, ay fələk! " – deyirdi. Qızı isə mənim çarpayımda, mənim yorğanımın altında idi. Gah ona baxdım, gah atasına. Köksümü ötürdüm. Bu adamlar öz gəlişləri ilə bizim rahatlığımızı niyə pozmuşdular. Niyə elə uzaq kənddən gəlmişdilər? Mən niyə orda – o "uzunuzun qayaları olan" kənddə anadan olmuşdum? Anamdan küsmüş olsam da, yanına getmək, suallarıma cavab almaq istəyirdim. Əmma necə oldusa, bir vaxt gözümü açıb özümü yenə yorğan-döşəkdə gördüm. Deyəsən, səhər açılırdı. Otağımız hələ alaqaranlıqdı. Gözümü dolandırıb anamı axtardım.
Kandarda uzun bir adam dayanmışdı. Seyid Əli əmi idi. Çiynində yekə çanta vardı. Anam onun yanında durub hələ də ağlayırdı.
– Arxayın get, Seyid! Balanı öz balam kimi, ağzımda dilim kimi saxlayacam. Bu gündən Nailə Rəşidin əmisi qızı deyil, doğma bacısıdı. – Belə dedi.
Seyid Əli əmi də ağlamsındı. Dedi:
– Bizim nəsildə hamı etibarlıdı. Qardaşım arvadı yox, sən də doğma bacımsan. Hamılıqla Allah əmanəti olun!
Anam mis dolçamızı su daşının üstündən götürüb dalınca çıxdı. Bir azdan eşikdə su şırıltısı eşidildi.
Anam asta-asta, yorğun-yorğun qayıdıb dolçanı su daşının üstünə qoydu, "doğma bacım” Nailənin yatdığı çarpayıya baxdı və bu vaxt mən yeni bir heyrətli hadisənin şahidi oldum.
Nailə çarpayıdan hop qalxıb tövşüməyə başladı.
Əynində gödəcik boz çit don vardı. Çöp kimi quru qıçları, bomboz dizləri görünürdü.
Yalın ayaqlarını səssizcə ata-ata yaxınlaşıb anamın üzünə baxdı. Lap çoxdan tanıdığı bir adamla danışan kimi, anamın adını tutub soruşdu:
– Səriyyə bibi, dədəm getdi?
Anam qızı qucaqladı.
– Getdi, başına dolanım, – dedi. – Allah qoysa, sağ-salamat qayıdıb gələcək.
Nailə elə hey anamın üzünə baxırdı.
– Bəs mənə deyirdi gedəndə səni oyadacam?
Anam onu bir də qucaqladı.
– Səni yuxudan eləmək istəmədi, qıymadı, başına dolanım, ağıllı balam! – dedi. – Gəl qardaşıyın yanında uzan, qurbanın olum!..
Anam elə yalvarırdı ona, dönə-dönə o üzündən, bu üzündən öpürdü.
– İnşallah, sağ-salamat qayıdacaq! İnşallah! – deyirdi.
Nailə daha dillənmədi. Atası gedəndən sonra bu evdə o, nəinki ağlamadı, heç köyrəlmədi də. Nəfəsi ilə mənim çiynimi isidə-isidə yuxuya getdi. Eşikdən hələ də Anadil səsi gəlirdi: qub-qub…
Burda mən Anadil quşunun sirrini açmalıyam. O sirri mənə həmin bu Nailə adında, mənim pəltək dilimdə “Naləyə çevrilən, əslində də Nalə əmim qızı – bacım danışıb. O sirri on-on beş kəlmə ilə də demək olar, bir kitab qədər də. Bir şərtlə ki, gərək əvvəlcə Nailənin – Nalənin özünü tanıyasan. “Uzun-uzun qayaları olan “Ağlar kəndini, ordan bizim bu kəndə – Qonaqlıya, bütün Azərbaycana, o cümlədən Bakıya yayılan “Ağlar adlananları tanıyasan. Buna görə də birbaşa o sirri açmaq əvəzinə Nailə barədə danışıram.
Məndən beş yaş böyük idi. Demək olar ki, mən kimi uşaqdı, əmma uzaq səfərə gedən atasının dalınca ağlamırdı. O vaxt mən, öz uşaq ağlımla, bunun necə qeyri-adi olduğunu dərk edə bilməsəm də,sonralar, yaşa dolduqca tez-tez xatırlayırdım və həmişə də heyrət edirdim. Doğrudur, mən artıq onun hələ lap körpəlikdən başının bəlalı olduğunu, gözünü açıb dünyaya baxan gündən mə-şəqqətlər gördüyünü bilirdim. Məsələn, bilirdim ki, vaxtı ilə Təbrizdə, Ağ Seyid adı ilə məşhur olan adam, şahın qəzəbinə keçib, qaçıb Arazın o tayından bu tayına adlayarkən güllə yağmuruna düşmüşdü və o beş yaşlı Nalə atasının qolları üs-tündə anasının necə can verdiyini görmüşdü: yad qəbiristanda ucqar bir qəbirin yanında atası ilə ya-naşı dayanıb anasının gözünə torpaq tökmüşdü. Mən artıq bilirdim ki, bu tayda, həmin danışan qa-yaları olan Ağlar kəndinin məktəbində “tədris proqramından kənar, “qadağalı elm barədə dərs dediyinə görə Ağ Seyid – Seyid Əli əmi ordan da qaçıb qızı ilə birlikdə bizim Qonaqlıya gələndən sonra Nalə göz-lənilmədən onların daxmasında peyda olan Bikə adlı zalım bir arvadın tapdağına düşmüşdü. Sonralar mənə Nalə özü danışırdı ki, o vaxtlar, yəni otuz doqquz-qırxıncı illərdə atası mə-nim atam Ələkbərin direktor olduğu məktəbdə atamla müəllimlərimizə “qadağalı elm öyrətdiyinə görə, tez-tez “hökumətdən qaçıb haralardasa gizlənəndə, o zaman Bikə arvad Naləni “özü ağırlığında səhəngnən su daşımağa, balta götürüb odun yarmağa, paltar yumağa məcbur edirmiş. Qırx birinci ildə Əli əmi mənim atamla birgə cəbhəyə gedəndən sonra Bikə arvad daxmadakı var-yoxu götürüb dağlara qayıdıbmış. Orda Nalə dərələrdən şələ-şələ asırğal çöpü, qucaq-qucaq əvəlik yığıb, bizim tərəflərə köçüb yaylağa gedən fermalarda – binələrdə satarmış. Bəzən Nalə binələrdən əliboş qayıdanda Bikə arvad yazıq qızcığazın paltarını çirmələyib boynunun ardında burub, açıq dalına gicirtkən döyərmiş… Cəbhədə yaralanandan sonra bir aylıq "otpusk" dan qayıdan Seyid Əli əmi on iki yaşlı qızını belə bir həyatdan qurtarıb, öz etibarlı qardaşı – cəbhə yoldaşının evinə gətirmişdi. Bütün bunlara bələd olan adam, öz yeganə əzizini yenə müharibəyə yola salandan sonra Nalənin ağlamadığına, “Səriyyə xala, dədəm getdimi? – deməklə kifayətlənməsinə bəlkə də heç təəccüb etməzdi. Bu kədərli əhvalatı indi yuxu kimi nəql edən adam, o vaxtkı yeddi yaşlı Rəşid isə heyrətlənməyə bilmir.
O vaxt mən təkcə Nalənin yox, anamın nələr çəkdiyini də qanmırdım.
Seyid Əli əmi gedəndən sonra anam Nalə ilə mənim aramda uzanmışdı. Yorğanı başına bürümüşdü, üzünü görmürdüm. Əmma necə çətin nəfəs aldığını eşidirdim. Nalə başını qaldırıb, daha da böyümüş gözlərlə gah mənə, gah da anama baxırdı. Deyəsən, bərk qorxmuşdu.
Mən isə anamın belə çətin nəfəs aldığını birinci dəfə görmürdüm.
İlk dəfə o, atam gedən günü bu hala düşmüşdü. Mən onda qışqırıb şivən qoparmışdım, səsimə qonum-qonşu tökülüb gəlmişdi, arvadlar anamın üzünə su çiləmişdilər, əllərini ovuşdurmuşdular. İkinci dəfə belə bir hadisə kolxoz idarəsinin qabağında olmuşdu. Orda, həyətin lap ortasında qırmızı örtüklü stol qoymuşdular. Qonaqlının bütün camaatı yığışmışdı. Qocalarla uşaqlar qıraqda cərgələnib dururdular. Qızlar, gəlinlər, qarılar bir-bir stola yaxınlaşıb, qırmızı örtüyün üstünə qalaq-qalaq corab, əlcək, isti köynək, qulaqlı papaq, yaylıq qoyurdular. Orda, stolun yanında növbə ilə hamı danışırdı. Əlbəttə, mən bu danışıqlardan çox az şey başa düşürdüm. Qandığım ancaq bu idi ki, kəndimizdən müharibəyə gedənlərin ana-bacıları, arvadları, nişanlıları faşistlərə qarğayırdılar.
Lap axırda anam toxuduğu yun köynəyi qoynundan çıxardıb, mənim biləyimdən tutub ortalığa yeridi. Əli stola çatmamış birdən dayandı və biləyimi əlindən buraxmadan yerə çökdü. Yenə də üzünə su çilədilər, əllərini, ayaqlarını ovuşdurdular.
Sonralar anam həftədə, on gündə bir dəfə belə olurdu. Mən də əvvəlkitək vahimələnmirdim. Anamın bənizinin ağardığını, əlini sinəsinə qoyub yavaşca yerə çökdüyünü görən kimi su dalınca yüyürürdüm. İndi də dərhal dolçanı qapıb anamın həmişə axşamdan doldurduğu su daşının altındakı vedrədən su gətirdim. Anamın böyründə diz çöküb əlimi dolçaya batırdım, üzünə, sinəsinə su çırpmağa başladım. İndi anam hıçqırmalı, dərindən nəfəs alıb yavaşca dikəlməli idi, sonra isə məni bağrına basıb yırğalana-yırğalana əzizləməli idi: "Mənim pənahım, bircə-pircə balam! "
Əvvəllər həmişə belə olmuşdu.
Bu dəfə əvvəlkilərtək olmadı; dolçadakı suyun hamısını anamın üzünə çırpdım, anam isə nə nəfəs aldı, nə də qalxıb məni bağrına basdı.
Anamın belə gec ayılması məni əvvəlcə təəccübləndirdi. Hətta bir də su gətirmək istədim. Əmma yarı yolda dolçanı yerə atdım, qayıdıb anamın əl-qolundan, çiyinlərindən yapışıb silkələməyə, çağırmağa başladım.
Artıq səhər açılmışdı, evimizin həyətə baxan pəncərəsindən içəriyə gün düşmüşdü. Mən isə hələ də anamın taxta kimi quru əl-qolundan çəkişdirə-çəkişdirə ağlayırdım.
Nalə içəridə yox idi. Evdən çıxdığını bilməmişdim.
Bir azdan qapıda göründü. Saçı üzünə dağılmışdı. Rəngi, necə deyərlər, kül kimi, bərk tövşüyürdü. Ayaqqabının burnundan çıxan barmağından qan axırdı. Bir az əvvəlki kimi böyük-böyük, gömgöy gözlərlə gah anama, gah mənə baxırdı. Niyə belə baxırdı? Qeyri-adi böyük, tünd göy gözlər nə deyirdi? Əlbəttə, onda mən belə incəlikləri heç cür anlaya bilməzdim. Bu suallar məni yalnız indi, əlimdə qələm, oturub o dəqiqələri yada salanda düşündürür. Bu sualların cavabı çətin deyil. İndi o gözlər, o qayaları danışan Ağlar kəndindən çıxandan sonra bütün yol uzunu Seyid Əli əmimin öz qardaşı Ələkbərin gözəl arvadı Səriyyə bibi haqqında danışdıqlarını dinləyən, bütün yol uzunu Səriyyə bibi haqqında düşünən, Səriyyə bibinin qoynunda isinməyə gələn yetim qızın ümidlərinin puça çıxdığını danışırdı. O gözlər Səriyyə bibinin qoynunda isinmək əvəzinə, yeddi yaşlı bir uşaqla dam altında qaldığını fikirləşən qızcığazın qorxusunu-dəhşətini nəql edirdi. Əmma onda mən o gözlərdəki mənanı oxumaqdan məhrum idim. Məni ancaq bir şey düşündürürdü: anam niyə ayılmırdı?
Eynilə atam əsgərliyə gedən günü olduğu kimi, evimizə çoxlu arvad, kişi gəldi. Məni anamdan ayırıb bir evə apardılar. Orda mənə deyirdilər: "Anan dədəyin yanına gedib ”. Bu vaxt artıq atamın da həyatda olmadığını bilmirdim. Bilmirdim ki, Seyid Əli əmi uzaq cəbhələrdən anama xəbər gə-tirmiş və anamın xəstə ürəyi bu xəbərə dözməmişdi. Bunların heç birini anlamırdım, ona görə deyiləni də anlamırdım.
Əmma tezliklə hər şeyi bildim. Daha doğrusu, bir hadisə məsələlərin yavaş-yavaş açılmasına səbəb oldu…
Məni anamdan ayırandan sonra, qapısından baxanda dal bacası görünən, karvansaray kimi uzun, yarımqaranlıq bir dama – töyləyə aparmışdılar.
Töylənin gerisində çubuqdan hörülmüş çəpərə arakəsmənin dalında xeyli mal-qoyun saxlayırdılar. Bəridə, orta bacanın altında iri bir kötük tüstülənirdi. Bu korun-korun yanan ocağın qırağında bir-birinə oxşayan iki arıq, balaca ağ-saqqal qoca otururdu. İkisi də eşiyə-bacaya çox az çıxırdı. Bu ona, o buna: "Ay İsa, Ay Musa" – deyə-deyə, xırıldaya-xırıldaya nə barədə isə uzun-uzadı danışırdılar. Gah saatlarla qəlyan sümürə-sümürə susur, gah da bir-birilə bəhsə girmiş kimi, ağız-ağıza öskürüşürdülər.
Qocalardan başqa, damda səhərdən axşama qədər küncdə-bucaqda dümələnən, həmişə yaşmağı burnunun üstündə duran, bürüşük-qırışıq bir qarı vardı. Mənim əllərimi anamın əllərindən qoparıb, sümük kimi quru, sərt əlləri ilə belimdən məngənətək sıxıb, qışqırda-qışqırda evimizdən çıxardan, Nalənin biləyindən yapışıb yanınca çəkə-çəkə bu yarımqaranlıq töyləyə gətirən həmin qarı idi. Yadımdadır ki, qarı məni həyətimizdən çıxaranda dalımızca bir dəstə arvad-kişi düşmüşdü. “Evləri-imarətləri qoyub uşağı qara dama niyə aparırsan? “Nə olsun ki, simsarsınız? Biz Səriyyənin balasını sizin heç birinizdən az istəmirik “Dağa, Ağalara da göndərmək olar, yaxın qohum-əqrəba içində böyüsün! və sair belə qışqır-bağırla qarını hər yandan fənikdirirdilər – təntidirdilər. Əmma qarı heç kəsə məhəl qoymadı; bir adama bir kəlmə cavab da verməyib, məni qoltuğunda töyləyə sürüdü, içəri girəndə isə məni qocaların üstünə atıb, Naləni ocağın qırağına itələyib, qayıdıb qapının rəzəsini keçirdi…
Qısasını deyirəm. Nalə qocalarla lap ilk gündən dostlaşdı. Gah "İsa baba”, gah "Musa baba”, – deyə-deyə nə barədə isə şirin-şirin danışdığını indi də xatırlayıram. “Nə barədə isə deyirəm, çünki ilk günlərdə onların söhbətinə qulaq asmırdım; ürəyim öz evimizdə, anamın yanında idi. Mizgək iyi verən bu yarımqaranlıq töyləyə, korun-korun yanan orta ocağın içəridə lay-lay yatan acı tüstüsünə, iki yandan dəmlənən qəlyanların iyinə, iki tərəfdən öskürüşməyə başlayanda saqqalları islanana qədər susmayan bu qocalara heç cür isinişə bilmirdim. Nalə deyirdi bunlar da dağdan – Ağlar kəndindən qaçan alimlərdəndilər, guya dünyada bu qocalardan bilikli adamlar yoxdur. Guya Seyid Əli əmini və mənim atamı da bu qocalar saxlayıb. Niyə? Bunların öz uşaqları olmayıbmı ki, başqa uşaqların dərdinə qalıblar?
Nalə nağıl kimi bir şey söyləyirdi. On il əvvəl, kolxoz qurulan vaxt, belləri mauzerli, çiyinləri beşaçılan tüfəngli "otryadnik" lər bir gecə həmin qara dama dolub İsa baba ilə Musa babanın oğullarını güllələyiblər. O vaxtdan İsa baba ilə Musa baba yasa batıb bu qara damda qalıblar. Guya indi bizim burda olmağımız babaları sevindirir.
Əmma mən orda heç bir sevinc əlaməti görmürdüm.
Gecələr arakəsmənin dalında gah dana böyürürdü, gah çəpiş məkkildəyirdi, gah da dal bacanın ağzında səhərə qədər it hürürdü. Yalnız səhərə yaxın qarı durub heyvanları çölə çıxardandan sonra gözümə yuxu gedirdi. Onda da orta bacadan işıq düşməmiş ayılan qocaların öskürtüsünə oyanırdım. Bu vaxt qarı yenə küncdə-bucaqda dümələnirdi, Nalə İsa babası ilə Musa babasının əllərinə sarı aftafadan su tökürdü. Qocaların açıq dirsəklərindən süzülən su ocağa doğru axıb isti qoru qaynadır, qatı buğ qalxıb orta bacaya doğru diklənirdi. Mən ancaq bu vaxtlar, yəni qocaların dəstəmaz alan, qarının fıshafıs üfürə-üfürə, şap-paşap ətəkləyə-ətəkləyə ocağı qalayıb qara çaydanda çay qaynadan vaxtında, fürsət tapıb qapının arasından sivişib həyətimizə yüyürürdüm. Bağlı qapının qabağında büzüşüb, dizlərimi qucaqlayıb, gözümü uzaqlara dikib “dədəmin yanına getmiş anamın yolunu gözləyirdim. Burda hər şey – çardağın altında qaralan ocaq daşları da, dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlu pəncərənin dalında görünən su daşı ilə mis dolça da mənə anamı xatırladırdı. Hər gün, hər saat, hər dəqiqə onun yolunu, qucağını gözləyirdim. Günlərin birində onun hökmən gələcəyinə şübhə eləmirdim. Əmma hərdən canıma üşütmə düşürdü; anamın taxta kimi qurumuş əl-qolunu, hərəkətsiz donuq gözlərini görürdüm, barmaqlarımın ucunda alnının, sinəsinin soyuqluğunu duyurdum. Belə dəqiqələrdə məni yaş boğurdu. Əmma nədənsə, ucadan ağlamağa ürək eləmirdim. Kimlərsə deyirdilər: "Necə sızıl-dayır yetim! Taftıdan qorxur”. Və mən, doğrudan da, Taftı qarının yenə gəlib məni aparacağından qorxurdum, için-için sızıldayır, göynəyirdim. Yalnız Taftı gəlib, yenə öz qurusümük qolu ilə ortamdan bərk-bərk sıxıb, böyrüncə sallaya-sallaya aparanda hönkürməyə, vayhəşir salmağa başlayırdım. Qara damda adamı təngə gətirən öyüd-nəsihət yenə davam edirdi; İsa baba susanda, Musa baba deyirdi, Musa baba susanda İsa baba deyirdi: "Allah qoysa dava qurtaracaq, dədən də, anan da gələcəklər, çıxıb gedəcəksən evinizə"…
Hərdən gecələr burda saqqalsız bir qoca da peyda olurdu. Adına gah "Çürük" deyirdilər, gah da "Aşıq". Sonradan bildim ki, adı Çürük aşıqdır, sazı da var, mütəkkənin üstündə oturub lap asta-asta çalıb, asta-asta oxuyur:
Alçaq dağdan duman qalxar
Dağı dolana – dolana.
Usta bağban bağı saxlar
Bağı dolana – dolana…
O, astaca səslə gecələr həmişə təkrar olunan bu sözlər indi mənə tamam başqa sözlər deyir; yeri gələndə danışaram. O vaxt isə bu mahnı yox, məni Çürük Aşığın təkrar elədiyi başqa sözlər maraqlandırırdı: "Allah qoysa dava qurtaracaq, dədən də, anan da gələcəklər, çıxıb gedəcəksən evinizə".
"Bu dava nə vaxt qurtaracaq?" – Mən soruşanda, qardaşına nisbətən bir az dirmik görünən, burnunun sol tətəfində iri, tüklü xalı olan Musa baba əllərinin hər ikisini yuxarı qaldırıb əyri-üyrü barmaqlarını göstərirdi: "Bax, bu qədər yatıb duracaqsan, bir də qalxıb görəcəksən dava qurtarıb. Mən hər gecə yerə uzananda barmağımın birini yumurdum. Axırıncı barmağımı yumduğum gecənin səhərisi yenə həyətimizə yüyürdüm, yenə də demək olar ki, eyni əhvalat təkrar olunurdu.
Bir gün kolxozumuzun sədri Mədəd Əmirli əmi qara dama gəldi, məni dizinin üstünə alıb qocalarla nə barədə isə danışdı, sonra vaxtı ilə atamın dediyi kimi, məni çiyninə götürüb, kəndin qırağına apardı. Orda xırman döyürdülər. Belə vaxtlarda atam həmişə məni vələ1 mindirərdi, sonra yumşaq küləş yığımının üstünə yıxıb qarnımı qıdıqlardı və özü də mənlə uğunub keçinərdi. Mədəd Əmirli əmi isə yaman qaraqabaq adam idi. Məni nəinki vələ mindirmədi, ağzını açıb iki kəlmə söz də demədi. Ancaq hərdənbir çiynindən düşürüb üzümə baxırdı və həmişə də yaylığını çıxardıb gözlərini silirdi. Tək bir dəfə, xırmanın yaxınlığındakı bostandan dərdiyi qırmızı şamamanı köynəyimin ətəyinə qoyanda üzümə güldü və axır ki, dilə gəlib: "Oynat, sonra da ye”, – dedi. Axşamüstü Mədəd Əmirli əmi məni yenə çiyninə götürüb idarənin qabağına apardı. Orda bir arabaya çoxlu qarpız, yemiş yığılmışdı. Arabanın dalında isə bir inək və buzov bağlanmışdı. Mədəd Əmirli əmi bir də üzümdən öpdü, məni qaldırıb qarpızların üstünə qoydu. Arabanı sürən oğlan – Mədəd Əmirli əmimin oğlu Səməd yolda məni başa saldı ki, inək də, buzov da, qarpız-yemiş də mənimlə Nalənindir.
Bu əhvalatdan sonra Mədəd əminin oğlu Səməd qıvrım saçaqlı balaca bir çoban papağı və lap gödək bir yapıncı gətirdi. İsa baba ilə Musa baba köməkləşib, mənə bir cüt “Quşburun çarıq tik-dilər, çomaq da qayırdılar.
Əmma nə bu bəxşişlər məni inadımdan döndərirdi, nə də Nalə. Fürsət tapdıqca yenə həyətimizə qaçırdım.
Nəhayət, bir hadisə də baş verdi.
Deyəsən, Taftını da, qocaları da cana doydurmuşdum. Və yəqin elə cana doydurduğuma görə idi ki, bir səhər yenə gözdən oğurlanıb həyətimizə qaçanda, Taftı məni yarı yolda haqlayıb şapa-laqlamağa başladı. Orda Taftının yaşmağı düşdü və mən qarının lap kişi kimi saqqallı olduğunu gördüm. Taftının bu heybətli görkəmindən vahimələnib qışqırdım, əl-qolunu cırmaqlayıb yaxa qurtarmağa çalışdım. Qarı isə daha rəhmsiz şapalaqladı. Məni vura-vura titrəyirdi, ağlayırdı.
Bu deyilənlər mətləbdənkənar şey kimi görünür. Əmma vaxtı çatanda məlum olacaq ki, burda hər şey, hətta Taftının birdən-birə kişi kimi saqqallı çıxması da mənim Naləmin dünyadolusu dünyası ilə bağlıdır, o dünyadolusu dünya isə mənim təxəllüsümlə, Anadil quşlarının sirri ilə bağlıdır.
Mən bütün varlığımla inanıram ki, bir zaman gələcək, yer üzündə Anadil quşlarının sirri ilə maraqlanmayan bir adam da olmayacaq. Çünki dünyamızın varlığı-yoxluğu o sirrlə bağlıdır: necə yəni “peyğəmbərin danasını itiriblər? O necə danadır ki, dünyanın varlığı onun tapılıb-tapıl-mamasından asılıdır?! Çox ciddi məsələdir, elə deyilmi? Buna görə də yeddi yaşlı Rəşidin gördüyü və yalnız yaşa dolandan sonra dərk etdiyi hadisələri mümkün qədər hərtərəfli danışıram ki, sirrin açılması çətin olmasın.
O şapalaqdan sonra biz damın həyətində idik. Qocaların ikisi də hay-küyə qalxıb, qapının ağzında durmuşdu. Nalə onların arasında dayanıb baxırdı. Neçə vaxtdı ki, biz bir qabdan xörək yeyirdik, bir yorğanın altında yatırdıq. Əmma İsa babası ilə Musa babasına “şırthaşırt qulluq eləyən əmim qızına hələ də ürəyim yatmırdı; mənə elə gəlirdi ki, bütün bu bədbəxtliklərimə səbəb o əsgər paltarlı kişi Seyid Əli əmimlə onun bu ayaqyalın, qarayanıq qızıdır. Gecələr Nalə qolunu boynuma salanda əlini itələyirdim, təpikləyib onu yorğanın altından çıxardıb: "Get, ayrı yat”, – deyirdim. Gündüzlər hərdən Nalə: "Qardaş, qardaş!" – deyib yan-yörəmə dolananda da itələyirdim.
O şillələmə hər şeyi birdən dəyişdirdi. Nalə qəfildən qocaların arasından atılıb məni qarının əlindən çəkişdirməyə başladı. Ancaq onu hiss etdim ki, birdən Taftı cin kimi qışqırıb məndən əl çəkdi, Nalə isə bir göz qırpımında məni belinə götürüb qaçdı. Qara damdan uzaqda, kəndin qurtaracağında, Mədəd Əmirli əminin heç bir evə oxşamayan nəhəng evinin yanında məni belindən sürüşdürüb, yerə qoyub boynumu qucaqladı:
– Caan, can, ağlama qurban olum! – deyib donunun ətəyi ilə gözlərimi, yanaqlarımı sildi. – Çoxlu quşlar ötüşən bu kimsəsiz çəmənlikdə ilk dəfə onun səsini çoxdan bəri həsrətini çəkdiyim bir səsə oxşatdım: – Mənim bircə-pircə qardaşım! Taftının əlini dişləmişəm mən. Bir də ora qayıtsaq, məni də döyər. Getməyəcəyik daha ora.
Əmma, demə, bunun hamısı məni ovutmaq üçün imiş.
– Çürük Aşıq sədr Mədədin evində olur. Gedək Çürüyün sazını çalaq, – deyib, əlimdən tutub aparıb, o nəhəng evdən divardan, xalçanın üstündən asılı üç sazdan birini – balacasını, indi anlayıram ki, cürə sazı köynəkdən çıxarıb, əvvəlcə bir az dınqıldadıb, sonra başını sazın üstünə əyib, birdən-birə eynilə Çürük kimi astaca-astaca, elə gözəl çaldı ki, elə Nalə boyda olan qıvrımsaç oğlanın – Səmədin gözləri böyüdü. Gəlib əllərini simlərin üstünə qoyub dedi:
– Çürük məni öyrədəmmir. Səni necə öyrədib?
Orda mən Nalənin dilindən bir daha Ağlar kəndinin adını eşitdim: Ağbizən.
– Yəni biz Ağ – təmiz adamlarıq. Orda hamı saz çalır. Uşaqlar da çalırlar, oxuyurlar, – dedi. Sonra yenə çalıb-oxudu. Cürəni köynəyə qoyub, Səmədə verib, əlimdən tutub çəmənliyə çıxanda, çəmənlikdən o yandakı meşəyə baxıb, evdə oxuduğu mahnını bir də oxudu. Elə bil indi də qarşımdadır; yanaqlarından iri-iri damlalar axa-axa, eynilə Çürük Aşıq kimi, nazik, asta səslə oxuyur:
Sonra gözlərini silib, əkə-pikə arvad kimi, çox ciddi görkəmlə başladı ki: – Taftı bizə analıq eləyir, saxlayır, biz də gərək onun sözündən çıxmayaq. Biz ikimiz də yetimik, ikimizin də anamız ölüb.
Biləyimi onun əlindən çəkdim.
– Ölüb?! – Qışqırdım ki: – Mənim anam ölməyib! Mənim anam dədəmin yanına gedib!
Doğru deyirlər: “Uşağın yadından söz çıxmaz. Əmma orda Nalənin nə dediyi, nə danışdığı yadımda deyil. Çünki bu vaxt yenə anamın taxta kimi quru əl-qolundan çəkirdim, barmaqlarımın ucunda onun sinəsinin, alnının soyuqluğunu hiss edirdim.
Nalə yenə əlimdən tutub məni harayasa aparırdı. Bir vaxt ayılanda gördüm qəbiristana doğru gedirik.
– O vaxt biz Təbriz şəhərinə qaçmaq istəyirdik, – deyirdi, – anam yorulanda bura gəldik.
Aparıb məni lap ucqarda iki yanaşı qəbrin yanında saxladı, yeriyib əvvəlcə köhnə qəbrin başdaşından, sonra təzə qəbrin torpağından öpdü. Dedi:
– Sənin ananı burda basdırıblar. Mənim anamı da dədəm gətirdi burda basdırdı. Güllə dəymişdi anamın başına. Düşmən gülləsi…
Nalə danışırdı, mən isə qara torpaq yığınına baxırdım.
Qəribədir ki, nə orda durduğumuz müddətdə ağladım, nə də geri qayıdanda.
Çəməndə Nalə xırda kol-kosun aralarından bir qucaq quru çırpı yığdı. Dama yaxınlaşanda çırpının üç-dördünü mənə verdi. Dedi:
– Qoy, Taftı görsün ki, ağıllanıbsan, sən də iş görürsən. Taftının saqqalından qorxmuşdun sən. Qorxma, Rəşid. Bilirsənmi, İsa babaynan Musa baba necə çox istəyirlər bu qarını. Bacılarıdı. İsa babaynan Musa babanın doqquz oğlunu birdən güllələyiblər bu damda. Taftı özünü öldürmək istəyib, qoymayıblar, salamət qalıb, əmbə bircə ildə belə çirkinləşib saqqal çıxardıb. Biz necə yetimik, Taftı da elə yetimdi, Rəşid! İsa babaynan Musa baba da elə biz təki yetimdilər. Ata-analarını ağalar öldürüblər, bunlar qaçıb bura gəliblər. Lap bapbalaca vaxtlarında yaydan-yaya yaylağa gediblər. Ağlara. Mənim orda nənəm vardı. Nailə nənəm adını Nalə Ağlar qoymuşdu.
Elə bil məni birdən-birə dəyişdirmişdilər; gözümün önündə qara torpaq yığını, qucağımda çırpı, Nalənin danışdığı dəhşətə qulaq asa-asa, fağır-fağır gedirdim. Orda dama yaxınlaşanda mən ilk dəfə Nalənin adını dilimə gətirdim, “Nailə yox, “Nalə dedim. Nalə isə birdən dayanıb, boy-numu qucaqladı.
– Nalə deyən dilinə qurban olum! Nailə deyil axı mənim adım. Nalə nənəmin adıdı adım. Çürük də sən təki deyir: "Nalə". "Aşıq Nalə"… Yaşı yaman çoxdu Çürük Aşığın. Bizim Ağlardandı o da. Nənəmin ustadı olub, indi məni də şəyirdliyə götürüb. Özü nə bilir, hamısını öyrədəcək mənə. Bax o çaldığım sazı mənə verəcək, əgər yaxşı öyrənsəm hər şeyi…
Damın həyətində çırpını yerə yox, qollarını irəli uzadan Taftının qucağına qoydum.
O gündən, necə deyərlər, taleyimlə barışdım. Daha həyətimizə qaçmırdım, bağlı qapının kandarında büzüşüb yollara baxmırdım. Getdikcə qocalara da, Taftıya da alışırdım. Axşamlar inəkləri sağanda, səhərlər buzovları mıxdan açanda ona kömək eləyirdim. Taftı ilə birgə, heyvanları naxıra qatmağa gedirdim.
Anamın sağlığında mən həmişə gün yayılanda oyanırdım. İndi isə orta bacadan üstümüzə işıq düşən kimi qalxırdım, naxırçı dul arvadın: "Ay Taftı nənə, ay Taftı nənə!"… Çağıran səsini eşidəntək, çəpərə arakəsmənin dalına qaçıb, inəkləri, danaları eşiyə çıxarırdım.
Şalvarımı çirmələyib, Sudüşən çəmənində şehə bata-bata heyvanları biçənəkdən o yana tez ötürməkdən ötrü, əri ilə oğlu müharibəyə ge-dəndən sonra naxırçılıq eləyən dul arvadın "dadına" çatırdım. Bu vaxt ala qancığın balaları bir-birinin əlayağına dolaşa-dolaşa sağ-solumda yüyürüşürdülər. Küçüklər anadan olanda Taftı onları ətəyinə yığıb, damın dalındakı peyinliyə basdırmağa aparmışdı. Musa baba peyinlikdə dərin bir çuxur qazmışdı, Taftı küçükləri tappatap o çuxura atırdı, peyini ayaqları ilə küçüklərin üstünə axıdırdı. Mən zığıldaşıb bir-birinin qarnının altına soxulan balacalara baxıb şivən qopardıb Musa babanı küçükləri çuxurdan çıxarmağa məcbur elədim. Sonralar, hər axşam Taftının sağdığı süddən iki-üç qab dolusu götürüb küçüklərin yalağına tökürdüm. Taftı dillənmirdi. Küçüklərin qarınları yumrulanıb bərkiyirdi, bir azca çuxura düşəndə çör-çöpə ilişəndə yıxılırdılar. Mən ləzzətlə qəhqəhə çəkirdim, saatlarla küçüklərlə oynayırdım. Gündüzlər hara getsəydim, onların altısı da balaca, qırmızı dillərini çıxarıb ləhləyə-ləhləyə dalımca düşürdülər, gecələr isə yorğanımın altına doluşur-dular, soyuq burunları ilə qarnımı dürtmələyib bir-birini basa-basa yatışırdılar. Hərdən ala qancıq bacanın ağzında hürəndə yorğanın altında həngamə qopurdu: analarının səsini eşidən balacalar ordan-burdan başlarını çıxardıb vay-həşir salırdılar, ya İsa baba, ya da Musa baba oyanıb öskürməyə başlayanda isə, dərhal səslərini kəsib, yorğanın altına dürtülüb mənim qoltuqlarıma sığınırdılar.
Bir gecə yorğanın altında boşluq hiss eləyib, diksinib dik atıldım, gördüm ki, küçüklərim yoxdurlar. Bu dəfəki şivənim elə dəhşətli oldu ki, içəridə hamı oyandı. Demə, balacalar çox toz-torpaqlı olduqlarına görə Nalə hamısını ətəyinə doldurub aparıb bizim çardağın altına, anamın ləyənində çimdirirmiş. Sevincimdən atılıb Nalənin boynuna sarıldım. Sonra nə oldu? Ocağımızın qırağından tapdığım köhnə ərsinə4 necə baxdım, əllərimin içində niyə sığalladım və Nalə buna baxıb niyə ağladı?.. Düşünəndə indi də qəhər boğur məni. Uzaqda – meşədə Anadillər də elə bil Nalə kimi ağlayırdılar.
Sonra gördüm hətta Taftı da gəlib əlimdəki ərsinə baxa-baxa ağlayır.
Bu ağlaşma bir ayrı ağlaşmaya oxşadı. İndi onu deyəcəm.
Sentyabrın birində, kəndimizdə hamının Göyçək çağırdığı müəllimə məni məktəbə yaz-mağa gəlmişdi. Bu həmin Göyçək müəllimə idi ki, vaxtı ilə mənlə dost olmuşdu. Səhərlər atam çiyninə qaldırardı, kitab-dəftərini qoltuğuna vurub orta yolla gedən qəşəng gəlini göstərib deyərdi: "Bax o gedən Göyçək müəllimədi, xoşuna gəlir?"
Göyçək müəllimə isə gülümsünüb bizə əl edərdi. Sonralar o, tez-tez bizim çəpərin dalına gəlib məni çağırardı, ordakı yaşıl kalafada oturub mənə konfet yedirdərdi.
Bir gün biz yenə çəpərin dalında oturanda anam böyürdən çıxdı, məni çəkib Göyçək müəllimənin dizinin üstündən götürüb evə apardı, dedi: "Göyçək müəllimə pis gəlindi, dədəni də, səni də mənim əlimdən almaq istəyir. Əmma, heç unutmuram ki, anam öləndə, səhər tezdən evimizdə ağlaşma düşəndə Göyçək müəllimə hamıdan bərk hönkürürdü. Niyə? Bilmirəm.
Müəllimə qara dama gələndə də mən o ağlaşmanı xatırladım, mənə elə gəldi ki, anamın tez-tez özündən getməsinin səbəbi elə bu gözəl Göyçəkdir, ondan qaçmaq istədim. Əmma elə buradaca dədəmin Göyçəyi necə xoşladığını da xatırladım və qaçmadım.
Müəllimə mənə “Əlifba kitabı, bir dəftər və bir qələm gətirmişdi.
O günlər bərk yağarlıq idi. Kişilər rezin çəkmə ilə, arvadlar isə ətəklərini bellərinə vurub ayaqyalın gəzirdilər.
Damdan çıxanda Nalə bir göyə baxdı, bir də yerə, eynilə arvadlar kimi donunun ətəyini dəs-tələyib, yuxarı sancıb, məni belinə aldı. Bu dəqiqə də gözümün qabağındadır: mən məktəbə gedən yaşıdlarıma baxıb, onun dalından düşməyə çalışırdım, “yekə oğlan olduğumu iddia eləyirdim. “Ona bax, ona bax, qıçı sallana-sallana dala minib deyən uşaqların sözünü götürmək istəmirdim. Əm-ma Nalə elə bil heç nə eşitmirdi; palçığa bata-bata, tövşüyə-tövşüyə: “Fikir vermə, sən mənə qulaq as, – deyirdi. Sonra gündəlik dərsimi təkrar eləyib, mənə də təkrar elətdirirdi: “At. Ot. Ata ot at və sairə.
Yaz açılıb yer-yurd quruyana qədər belə oldu. Nalə məni məktəbə aparıb, sonra mən məktəbdən çıxanda da qabağıma gəlib yenə belinə alırdı və yol uzunu elə hey danışırdı:
– Nə qədər ki, Ələkbər əmi müharibəyə getməmişdi, birinci, ikinci, üçüncü, dördüncü siniflər səhər-səhər oxuyurdular. Müharibə başlananda cavanlar əsgər gedəndən sonra iclas olub burda. Sədr Mədəd deyib: kolxozumuzda kişi azalıb, müəllimlər də işləsinlər çöldə, dərsi günortadan sonra keçsinlər. İndi bax ona görə belə axşama düşürsən sən məktəbdən çıxanda, hamı-mız intizar qalırıq, onçun qabağına gəlirəm…
Bilirsənmi, Anadillər niyə bu vədə – axşamlar başlayırlar bir-birini çağırmağa? Çünki adamların içində çoxlu düşmənləri var Anadillərin, ona görə də gündüzlər gizlənirlər, qaranlıq düşəndən sonra uçurlar. Hərəsi bir yanda uçur, onunçun bax elə səsləşirlər, bir-birini çağırırlar. Biri deyir: "Tapdın? ” O birisi deyir: “Tapmadım". Nədi axtardıqları, bilirsənmi? Camaat deyir, iki qardaşdı Anadillər. Naxırçıymışlar. Peyğəmbərin danasını itiriblər. Çox axtarıb tapammayıblar. Axırda Allaha yalvarıblar ki, quşa döndər, qanad ver bizə, uçaq dananı axtaraq. Allah eşidib, deyib indiyə qədər birinizin adı İsahəq idi, o birinin adı Musahəq idi. İndi ki quş oldunuz, ikinizə də bir ad verirəm: Anadil. Niyə Anadil? Bunu heç kəs bilmir. Çürük deyir, Naləni zəhərlədilər, öldürdülər düşmənlərimiz. O vaxtdan Anadilin sirrini çox istədiyi şəyirdlərindən savayı heç kəsə açmır Çürük. Bir vaxt gələcək sənə də açacam, deyir, Anadil sirrini. Sən də ancaq və ancaq öz istəkli şəyirdlərinə danışacaqsan. Başqaları bilsələr səni də öldürərlər, deyir, axtarıb tapıb Anadilləri də öldürərlər… Mən özüm də ustad olanda mənim şəyirdim olarsanmı, Rəşid? Hələ demə. Dördüncünü, beşincini qurtaranda, saz, söz biləndə, bax onda ya hə deyərsən, ya yox…
Əmma nə "hə" deyə bildim, nə də "yox".
Damın həyətində, malın arxasında, yəni gecələr yatdığı yerdən bir az aralı hündür yeri – yastı təpəni yamyaşıl ot, əlvan gül-çiçək basanda Taftı ilə Nalə oraya kilim salırdılar, mütəkkə düzürdülər, samovar qoyurdular, bükülü fətir, kasalarda pendir, qaymaq düzürdülər və Çürüklə Nalə orda iki mütəkkə üstündə üz-üzə oturub, çalıb- oxuyurdular.
Bir axşam Nalə dedi:
– Nalə nənəmin ölən günüdü. Bu gün Çürük qəmli oxuyacaq. İsa babaynan Musa baba, Taftı ağlayacaqlar. Mən ağlamayacam. Sən də kişi ol, ağlama, möhkəm olmalıyıq biz, Rəşid! Çünki dərdimiz çox olacaq bizim, İsa babaynan Musa baba da öləcəklər. Taftı da öləcək. Lap çox olacaq dərdimiz.
Təpənin üstünə yaxınlaşanda Çürük doğrudan da qəmli oxudu və hamı ağladı. Hamı deyirəm, çünki Göyçək müəllimə də orda idi; o, ağlayanda, nədənsə, məni də ağlamaq tutdu və Nalə də mənə baxıb ağladı. Və hamımızın Çürüyə qulaq asa-asa ağladığımız vaxt çox pis bir qəziyyə oldu. İndi o qəziyyəni danışmalıyam. Əmma Çürüyün orda oxuduğu mahnını sonralar Nalə mənim dəftərimə yazıb; əvvəlcə onu oxuyun.
Sonralar bildim, orda "Bəhmən" çalırdı Çürük və çala-çala deyirdi:
– Bəhməni "BağMən" di, övladlarım, məni sizə, sizi mənə bağlayır Bağlarımız. "Allah" bizim sözümüz deyil. “Bağ deyirik biz. Bir zaman Ağlar naləsi aşıq Nalə məclisi "Divani" ilə yox, "Bağ-Mən" lə başlayırdı, "BağMən" lə də xətm eləyirdi. Naləmiz əbədiyyətə köçəndə, ermənilər bizi Ağlardan sürəndə əllərim əsirdi, çalammırdım. Naləmizin ilinin tamamında sinəmə söz gəldi. Köhnə şagirdim Abıya dedim, sən çal, görüm qəhər aman verirmi, oxumağım eşidilsin. Görək, o vaxt nə dedi bədbəxt Çürük:
Sən gedəli, ələ saz alammıram,
Könlümün kök simi sınıb, ey Ağlar.
Hamı yanır səsə, mən yanammıram,
Ürəyimin odu sönüb, ey Ağlar!..
Dediyim kimi, Göyçək müəllimə ağlayanda hamımız ağladıq. Həmin bu vaxtı da qəziyyə baş verdi.
Taftının "Düyüş, Düyüş" çağırdığı düyənin ilk balası ölmüşdü. İsa baba ilə Musa baba əllərində bıçaq, bir müddət hıqqıldaşandan sonra buzovun dərisini elə soymuşdular ki, burnu, göz yerləri, qulaqları da dərinin üstündə qalmışdı. Taftı o dərini başqa bir buzovun üstünə salıb, üstünə duz səpirdi və Düyüş duzu yalayıb qurtarana qədər düyəni sağıb qurtarırdı… Bu dəfə necə oldusa dəri buzovun üstündən düşdü, Taftı dərini götürüb buzovun belinə salanda Düyüş vahimə ilə böyü-rüb, buzovu təpikləyib, ayaqlarının altına saldı, çığnadı, sonra isə Taftını buynuzlayıb yıxdı, onu da elə yad buzovu çığnadığı kimi çığnadı. İsa baba: "Vay, evim yıxıldı! " – deyəndə, Musa baba: "Ocağım qaraldı! " – dedi. Təpənin üstündən tökülüşüb, yazıq qarını Düyüşün dırnaqlarının altından çıxartdılar, arxaçın qırağına çəkib otluğa uzatdılar. İsa baba bacısının bir tərəfində, Musa baba o biri tərəfində dizlərini yerə qoydular, Çürüyə qulaq asa-asa, səssiz-səmirsiz ağladıqlarının əksinə, burda hönkürdülər, səsləri bir-birinə qarışdı: "Belimizi sındırdın! Çörəyimizi kəsdin, ay Taftı! Qardaşların sənə qurban, ay Taftı!"…
Mən Anadil sirrini açmağa başlayanda və son-ralar, taleyimizin keşməkeşlərində görəcəksiniz ki, Seyid Əli əmi ilə qızının Qonaqlıya gəlişindən başlamış, Çürük Aşığın yarımçıq qalan mahnısına və "Düyüş"ün Taftını çığnamasına qədər, nə danışıramsa, hamısı Nalənin dünya boyda dünyasını sizə göstərmək, yaşadığımız dünya haqqında heç nə (təkrar edirəm), heç nə bilmədiyimizi sübut etmək üçündür.
Mən – Rəşid Fətullayev zərrə qədər də iddialı deyiləm. Otay-butay Azərbaycan deyilən bu bədbəxt insanlar ölkəsində bədbəxtliyi dərk edib, kütləvi bəxtsizliyimizdən qurtuluş üçün nə isə bir iş görməyə səy göstərən ən adi ziyalılardan biri də mənəm. Heç kəs məni tanımır və yəqin bilirəm ki, heç vaxt tanımayacaqlar. Nalənin dünya boyda dünyası isə hökmən tanınmalıdır. Yalnız belə bir niyyətlə, uşaqlığımızın son hadisələrini də danışmalıyam ki, başlanğıcda adını çəkdiyim Canbalayevlə bağlı əsas hadisələrə keçə bilim.
"Düyüş" əhvalatının da qısasını deyirəm.
Taftını içəri apardılar.
Əsli qayaları danışan Ağlar kəndindən olan qohum-əqrəbalarımız hardansa Ağbil adında nəhəng pəhləvan kimi bir sınıqçı gətirdilər. Sınıqçı Taftının qıçlarının yanlarına uzun-uzun taxtalar düzüb sarıdı, qarının sağalacağını deyib, qocalara ürəkdirək verib getdi. Əmma Taftı daha yataqdan qalxmayıb, korun-korun tüstülənən kötüyün böyründə döşəli qaldı.
O vaxtdan Nalə məndən başqa daha üç "uşağın" dayəsi oldu. Nalə inəkləri sağırdı. Nalə sac asıb çörək bişirirdi, Nalə kürək götürüb heyvanların yatdığı yeri kürüyürdü, Nalə qulplu qazanda su asıb paltar yuyurdu, orta bacadan üstümüzə işıq düşəndən gecə yarıya qədər fırfıratək fırlanırdı. Biz isə aramsız ötürdük, onu buyururduq. Dilimizdə Nalə, ürəyimizdə Nalə, dörd "uşaq" bir uşağın himayəsində dolanırdıq. İsa baba ilə Musa baba, hər dəfə çörək yeyəndən sonra üzlərini göyə tutub: “Nalə balamızı saxlayın, ey ucalar5! “Pənahımıza pənah olun, ey doqquzu da birdən ge-dənlərimiz! – Elə danışırdılar ki, elə bil doqquz oğlun hamısı hardasa sağ-salamətdi. Taftı özü də çöp kimi nazik qollarını damın his-pasdan qaralmış pərdilərinə doğru qaldırıb, orta bacadan görünən buludlara baxa-baxa uzun-uzadı nə isə pıçıldayırdı, “Nalə bala, Nalə bala… – deyirdi.
Kimin ağlına gələrdi ki, günlərin birində Nalə qara damı tərk edəcək, özü də həmişəlik tərk edib səssiz-səmirsiz itib-batacaq?!
Bu müsibət qırx beşinci ilin yazında, yəni üç il sonra, müharibə qurtaranda baş verdi. O vaxt məni rayon mərkəzinə, həlak olmuş döyüşçülərin uşaqları, daha doğrusu, yetimlər üçün açılmış internata aparmışdılar. Əmma mən internatda bənd almırdım, həftədə, on gündənbir kəndə qaçırdım.
Bir dəfə yenə gizlincə, kolxozumuzun maşınına minib kəndə gedəndə Naləni evdə görmədim. Yenidən yasa batmış İsa baba ilə Musa baba məni aralarında oturdub qəlyanlarını dəmlədilər. Taftı isə qalın yun şalının ucu ilə gözlərini silə-silə əhvalatı danışdı.
Demə, Göyçək müəllimə cəbhəyə – Seyid Əli əmiyə məktub yazıb xəbər veribmiş ki, qardaşı arvadı Səriyyə vəfat eləyib, Nalə qara damda əlsiz-ayaqsız Taftının yanında, Rəşidlə bir yerdə gözüyaşlı qalıb; Seyid Əli əmi isə qohumumuz sınıqçı Ağbilə yazıbmış ki, Krımda faşistlərin mühasirəsində qalıblar, ordan salamət çıxmayacaq, məktubu “kukuruznik" nən yəni poçt təyya-rəsiynən göndərir və Ağbilə yalvarır ki, Naləyə yiyəlik eləyib müharibədən sonra aparsın… Taftı deyirdi: "Qızı vermək istəməyiblər, əmbə ispalkom Qılınc Qurban deyib ki, Seyid Əli qızıl əsgərdi, əsgərin yazdığı zakondu".
Mən internatı qurtarandan bir az sonra Nalə sınıqçı Ağbil ilə Ağlara gedib, üç il sonra – qırx səkkizinci ildə "Sovetlərə düşmən" Ağlar hara-larasa sürgün olunanda isə bütün Ağbizən nəsli ilə birlikdə Nalə də yoxa çıxıb… Belə tale! O itən itdi, tapılmadı. İnternatdan çıxandan azca sonra mən öz qocalarımdan axırıncısını – Musa babanı dəfn etdim və universitetdə qəbul imtahanlarına çatmaq üçün tələsib Bakıya gəldim…
Gözlərimi yumuram, qarşımda orta ocağının kötüyü korun-korun tüstülənir. “Nalə bala, Nalə bala", “Qardaş, qardaş, "Can, ağlama, qurbanın olum!” – deyən səslər eşidirəm. Qəbirlərin baş daşlarından torpağından öpən, dizə qədər palçığa bata-bata, qan-tər içində, tövşüyə-tövşüyə gedən ağır yüklü bacımı görürəm… Taftının qıçlarını "Hoy çıx, hoy çıx", – deyə-deyə “hoy-houc suyu, yəni müxtəlif otların, güllərin, çiçəklərin qaynar suyunu tökə-tökə qarı ilə birlikdə özü də tərə batan, qara qazanda südü mayalayan, dələməni süzgəc torbaya töküb, süzülən dələmə suyu ilə yeddi itin yeddisini də doydurammayıb un kəpəyindən yal qaynada-qaynada, aramsız ora-bura yüyürən "dayə"mizi görürəm… Əllinci ilin payızından əlli dördüncü ilin yayına, yəni universiteti qurtarana qədər, müxtəlif qəzetlərə, milis idarələrinə yaza-yaza, saysız-hesabsız "rozısk" – axtarış elan edə-edə, familiyasını Ağbizənli yazdıran Nalə Seyid Əli qızından bir səs-soraq axtardım. Çürük Aşıqla elə özü kimi yaşı bilinməyən köhnə şagirdi Aşıq Abıya yalvardım ki, Dərə Ələyəzdən, yəni Ağlar kəndinin ətrafından, Göyçədən sürülənlərimizin arasındakı aşıqların hamısına, hamısına yazıb soraqlaşsınlar; heç ola bilməz ki, Çürük Aşıq kimi məşhur sənətkara uzun müddət şəyirdlik edən gözəl səsli qız aşıq belə səssiz-soraqsız itib-batsın!.. Əlli dördüncü ilin yazında, diplom müdafiyəsi ərə-fəsində dözməyib yenə Qonaqlıya gedib, həmin nəhəng evdə Çürüklə Abını tapdım. Və Çürük göz-lə-nilmədən köyrəlib:
– Neynirsən, övladım, tapsan da, yenə itirəcəksən! – dedi.
– Niyə itirəcəm?!
Dedi:
– Abı, axı görücüdü, övladım. Soruş özündən, desin.
Soruşdum, dedi:
– Sənin Həbibulla adında müəllimin var darülfünündə. O Həbibulla çox şey bilir Nalə barədə, əmma demir sənə. Desə, çox sarsılarsan.
Dedim:
– Belə çıxır ki, sən də çox şey bilirsən?
Dedi:
– Bilirəm.
Xahiş elədim, yalvardım, Abı demədi ki, demədi. Elə ikicə kəlməni təkrar edirdi:
– Çox sarsılarsan. Çox sarsılarsan.
Bakıya qayıtdım. Sarsılmaq nədir, necə deyərlər, dirigözlü öldüm.
O “ölümün səbəbini bilmək üçün indi Canbalayevləri tanımalısınız. Təsadüfdümü? Yox-sa, burda nə isə qeyri-adi bir qanunilik – zərurilik vardı, hər nəsə, iş belə gətirmişdi ki, Bakı Sovetinin nəzdindəki mənzil idarəsi mənə “dəhşətli adam dediyim Canbalayevin həyətində otaq vermişdi. Canbalayevin pilləkəninin yancağında.
Canbalayevlər pilləkənlə ikinci mərtəbəyə qalxıb-düşəndə həmişə mənim iki addımlığımdan keçirdilər; yəni otağımın yeganə pəncərəsi birbaşa onların pilləkəninə açılırdı. Biz gündə azı üç-dörd dəfə üz-üzə, göz-gözə gəlirdik, əmma görməmişdim ki, ya Qara Canbalayev özü, ya da arvadı Göhər xanım mənlə kəlmə kəssin. Mənə elə gəlirdi ki, Canbalayev də, arvadı da məni heç adam saymır, ağızucu salam verməyi də şənlərinə sığışdırmırlar. Canbalayevin hirsli-hirsli bir-birinə sıxılmış qalın dodaqları, zəhmli gözləri, Göhər xanımın ağ, soyuq, laqeyd çöhrəsi təsəvvürümdən silinmirdi. Bəzən saatlarla çox qəribə təəssüratla yaşayırdım; durduğum yerdəcə öz-özümə əsəbiləşirdim: bu adamlar nə üçün bu qədər laqeyddilər? Qonşuluq bir yana, axı biz – Qara Canbalayevlə mən, demək olar ki, həmsənətdik. Doğrudur, mən Yazıçılar İttifaqının nəzdindəki "Gənclər günü" adında həftəlik dərnəyə hələ təzəcə ayaq açmışdım.
Və nə vaxtsa hansı əsəriminsə o dərnəkdə təsdiq olunub çapa verilməyini gözləyirdim. Can- balayevin isə ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı: yəni bizim mövqelərimiz arasındakı böyük fərqi başa düşürdüm.
Əmma bu o deməkdimi ki, Qara Canbalayev mənlə üz-üzə gələndə heç olmasa başını tərpədib salamımı almamalıdır! Bunun sirri nə idi?
Bepul matn qismi tugad.