Kitobni o'qish: «Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi»

Shrift:

HOVARD ZİNN– Boston Universitetinin təcrübəli sabiq professoru. “Library Journal” “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabı haqqında belə yazırdı: “Əksər tarix kitablarının maraq göstərmədiyi cəmiyyətin məzlum təbəqəsinin gözündən yazılmış, Amerika xalqının parlaq və təsiredici tarixidir”. Kitabın bugünədək iki milyondan çox nüsxəsi satılıb.

Zinn elmi ədəbiyyat kateqoriyasında Lannan Fondu Ədəbiyyat mükafatına, yazıları və siyasi fəaliyyətinə görə “Eugene V. Debs” mükafatına və 2003-cü ildə “Monde Diplomatique”-nin Dəyərli Dostu” adına layiq görülmüşdür.

Zinnin qələmindən çıxan bir çox kitablar arasında “Hökumətlərin Aradan Götürə Bilmədiyi Güc” (A Power Governments Cannot Suppress), “Amerika Birləşmiş Ştatları Xalqının Tarixindən Səslər” (“Voices of a People’s History of the United States” Anthony Arnoveile ilə birgə), “Zinn Oxucusu” (The Zinn Reader), öz həyat yolundan bəhs edən “Hərəkət Edən Qatarda Bitərəf Ola Bilmərsən” (You Can’t be Neutral on a Moving Train) və “Marks Sohoda” (Marx in Soho) adlı tamaşa da var.

Bruklində böyüyən Zinn II Dünya Müharibəsində hava qüvvələrinə qoşulmamışdan əvvəl tərsanədə işlədi. Vətəndaş Hüquqları Hərəkatında fəal olaraq iştirak edərkən Spelman Kollecində Tarix kafedrasının müdiri və eyni zamanda Paris Universiteti ilə Bolonya Universitetində qonaq professor kimi işləyirdi. Sonradan Boston Universiteti Tarix Departamentinə baş müəllim kimi keçdi. Bostonda Vyetnam müharibəsinin əleyhinə yaranan hərəkatın liderlərindən biri oldu.

27 yanvar 2010-cu ildə Zinn Kaliforniyanın Santa-Monika şəhərində bir hotelin üzgüçülük hovuzunda üzərkən infarkt keçirərək vəfat etdi. Son müsahibələrindən birində Zinn deyirdi ki, O, “insanlara əvvəllər sahib olmadıqları ümid və güc hissi verən biri” kimi yaddaşlarda qalmaq istəyir.

REBEKKA STEFOV– uşaqlar və gənclər üçün bir çox kitab qələmə alıb və uyğunlaşdırıb. Amerika tarixi ilə bağlı yazdığı saysız-hesabsız məqalə, Şauni qəbiləsinin rəisi Tekumsenin bioqrafiyası və on cildlik tarix atlası ilə birgə Ronald Takakinin asiyalı amerikalılardan bəhs edən mükafatlı tarix kitabı “Fərqli Sahildən Əcnəbilər”i (Strangers From a Different Shore) gənc oxucular üçün uyğunlaşdırdı. İndiana Universitetində bakalavr, Pensilvaniya Universitetində magistr təhsili alan Stefov bu gün Oreqon ştatının Portland şəhərində məqalələrini yazmağa davam edir.

Öz bacarıqlarından istifadə edərək daha yaxşı bir dünya quracaqlarını umduğumuz gənc nəsillər üçün illərdir məndən bu tarix kitabını istəyən bütün valideynlərə və müəllimlərə.

***

Bu kitabın nəşrinə razı olduğu üçün “Seven Stories Press”dən Dan Simona və layihəyə bütün mərhələlərində olduqca diqqətli bir şəkildə rəhbərlik etdiyi üçün Tereza Nola təşəkkürlər.

***

“Bir Xalqın Tarixi:Amerika Birləşmiş Ştatları”nı gənc oxuculara uyğunlaşdırmaq kimi məsuliyyətli bir işi öz öhdəliyinə götürən Rebekka Stefova da xüsusi olaraq təşəkkürlərimi bildirirəm.

Giriş

İyirmi beş il əvvəl “Bir Xalqın Tarixi:Amerika Birləşmiş Ştatları” adlı kitabım nəşr olunduqdan sonra valideynlər və müəllimlər kitabın gənc oxucular üçün uyğunlaşdırılmış bir versiyasının olub-olmadığını soruşurdular. Buna görə də “Seven Stories Press” və Rebekka Stevof bu kitabı gənc oxuculara uyğunlaşdırmaq işini öz üzərlərinə götürdükləri üçün çox şadam.

İllər boyu həmişə bu suallarla qarşılaşmışam: “Amerika Birləşmiş Ştatlarının vərdiş edilmiş tarixindən olduqca fərqli olan bu kitabınızın gənclərə uyğun olduğunu düşünürsünüzmü? Bu hal ölkəmizlə bağlı məyusluq yaratmazmı? Hökumətin siyasətini bu şəkildə tənqid etmək doğrudurmu? Xristofor Kolumb, Endryu Cekson və Teodor Ruzvelt kimi xalqın ənənəvi qəhrəmanlarını bu cür alçaltmaq doğrudurmu? Quldarlıq və irqçiliyə, hindu qətliamına, işçi sinfinin istismarına və ABŞ-ın Amerikanın aborigenlərini1 məhv edərək genişləməsinə diqqət çəkmək vətən xainliyi deyilmi?”

Bəzi insanların belə radikal və tənqidi fikirləri nəyə görə gənclərə uyğun görmədikləri məni çox maraqlandırır. Görəsən bu insanlar gənclərin bu mövzuları dərk edə bilməyəcəklərinimi düşünürlər? Mənə görə gənc oxucuların öz ölkələrinin siyasətinə vicdanlı yanaşacaq yetkinlikdə olmadıqlarını düşünmək yanlışdır. Bəli, bu bir vicdan məsələsidir. Necə ki fərdlər olaraq öz xətalarımızı düzəltmək üçün vicdanlı olmağımız lazımdır, milli siyasətimizi qiymətləndirərkən də vicdanlı olmaq labüddür.

Mənə görə vətənpərvərlik hökumətin hər etdiyini sorğulamadan qəbul etmək deyil. Hökumətimizin hər etdiyini sorğulamadan qəbul etmək demokratiyaya aid bir xüsusiyyət də deyil. Tələbəliyimin ilk illərində hökumətlərin etdiklərini sorğulamayan bir xalqın diktator və totalitar rejimlərin bir işarəsi olduğu öyrədilirdi. Əgər demokratik ölkədə yaşayırsınızsa, deməli hökumətin siyasətini tənqid etmək haqqınız var.

Demokratiyanın başlıca prinsipləri koloniyaların bundan sonra Britaniya idarəçiliyini qəbul etməyəcəyini açıqlayan 1776-ci il tarixli İstiqlaliyyət Bəyənnaməsində qeyd olunub. Bəyənnamə dövlətlərin müqəddəs olmadığını, tənqid edilə biləcəyini, çünki “həyat, azadlıq və xoşbəxtliyin davamı” üçün hər bir fərdin bərabər hüquqlarını qorumaq məqsədilə insanlar tərəfindən yaradılmış süni bir sistem olduğunu açıq bir şəkildə sərgiləyir. Bəyənnaməyə görə əgər hökumətlər öhdəliklərini yerinə yetirməsələr, “xalq hökuməti dəyişdirmə, ya da ləğv etmə haqqına sahibdir”.

Əgər hökuməti “dəyişdirmək və ya ləğv etmək” xalqın əlindədirsə, hökuməti tənqid etmək də, əlbəttə, onların haqqıdır.

Həmçinin tarixi qəhrəmanların xətalarını göstərərək gəncləri məyus etmək məsələsində narahat deyiləm. Qəhrəman olaraq bizə öyrədilən və bu gözlə gördüyümüz insanların əslində bu heyranlığa layiq olmadıqlarını sərbəstcə deyə bilmək haqqımızdır. Kolumbun bu qitəyə qızıl axtarmaq üçün gəlməsi və ətrafı yandırıb dağıtması nəyə görə qəhrəmanlıq olsun? Qitə aborigenlərini öz torpaqlarından qovdu deyə niyə Endryu Ceksonu qəhrəman etməliyik? Teodor Ruzvelt İspaniya-Amerika müharibəsinə daxil olduğu, ispanları Kubadan qovduğu və bu arada ABŞ-ın gələcəkdə Kubanın idarəsini ələ keçirməsini asanlaşdırdığı üçün onu nəyə görə qəhrəman etməliyik?

Bəli, hər birimizin qəhrəmanlara, heyran qalacağımız adamlara və insanlara necə yaşamalı olduqlarını göstərən nümunəvi şəxslərə ehtiyacımız var. Lakin mən Kolumbun Baham adalarındakı aborigenlərə qarşı vəhşicə hərəkətlərini gün işığına çıxardan Bartolome de Las Kasası qəhrəman olaraq görməyə üstünlük verirəm. Ana vətənlərindən qovulmaqlarına müqavimət göstərən çeroki hindularını qəhrəman olaraq görməyi üstün tuturam. Mənə görə Filippin adalarında yüzlərlə insan qətl edən Teodor Ruzvelti qınayan Mark Tveyn də qəhrəmandır. Prezident Vudro Vilsonun amerikalı gəncləri Birinci Dünya Müharibəsinə göndərməsini protest edən Helen Keller də mənə görə qəhrəmandır.

Müharibəyə, irqçiliyə və iqtisadi ədalətsizliyə qarşı olan bir insan kimi bu gün ABŞ-da qarşılaşdığımız vəziyyət keçmişdəkindən heç də fərqli deyil.

“Bir Xalqın Tarixi”nin son nəşrindən beş ildən çox zaman ötüb və gənclər üçün hazırlanan bu nəşr mənə imkan verir ki, kitabın ikinci cildinin son fəslində tarixi qələmə almağı bu günə-Corc Buş hökumətinin ikinci müddətinin yarısına və ABŞ-ın İraq işğalının dördüncü ilinə-qədər davam etdirə bilim.

BİRİNCİ FƏSİL
KOLUMB VƏ ABORİGENLƏR

Aravak xalqı maraqla öz kəndlərindən çıxıb sahilə endilər. Böyük gəmini daha da yaxından görmək üçün üzərək yaxınlığına getdilər. Kolumb və əsgərləri əllərində qılınclarla sahilə çıxdılar, aravaklar isə onları qarşılamaq üçün qaçırdılar. Kolumb sonradan aborigenlərlə bağlı öz gəmi gündəliyi (kapitanların səfərlə bağlı qeydlər apardığı dəftərçə-red.) bunları yazacaqdı:

“Onlar… əllərində tutuquşu, pambıq və nizə kimi əşyalarla yanımıza gəldilər, o əşyaların müqabilində muncuq və şahin zınqırovları almaq istəyirdiər. Sahib olduqları hər şeyi böyük bir həvəslə dəyişdirirdilər. İri ölçülü, qəddi-qamətli və yaraşıqlı idilər. Nə silahlar, nə də silah haqqında məlumatları var idi. Çünki onlara qılıncımı göstərdikdə qılıncı sapı əvəzinə ucundan tutaraq əllərini kəsdilər. Dəmirləri yox idi və nizələri qamışdan düzəldilmişdi. Onlardan yaxşı qul olar. Əlli nəfər ilə onları çox rahat şəkildə əsarətə sala və onlara istədiyimiz hər şeyi elətdirə bilərik”.

Aravaklar Baham adalarında yaşayırdılar. Amerika qitəsində yaşayan digər aborigenlər kimi onlar üçün də qonaqpərvərlik və mübadilə əhəmiyyətli idi. Lakin aravakların qonaqpərvərliklərinə baxmayaraq Qərbi Avropa mədəniyyətinin Amerikaya göndərdiyi ilk elçi olan Kolumb sərvət marağında idi. Adaya gələn kimi daha çox məlumat toplamaq üçün aravaklardan bəzilərini ələ keçirdi. Kolumbun qızılın yerini öyrənmək istəyirdi.

Kolumb İspaniya kralını və kraliçasını bu uzun səfərin xərcini ödəmək üçün razı salmışdı. Digər Avropa ölkələri kimi İspaniya da qızıl axtarışında idi. Hindistan və Cənub-Şərqi Asiyada qızıl olduğu məlum idi. Həmçinin Hindistanda ipək və ədviyyat kimi qiymətli mallar da vardı. Ancaq Avropadan Asiyaya quru yolla səyahət etmək uzun və təhlükəli idi, buna görə də avropalılar Hindistana dəniz yolu kəşf etmək niyyətində idilər. İspaniya Kolumbun bu riskli səyahəti ilə bir növ qumar oynamış oldu. Gətirəcəyi qızıl və ədviyyat müqabilində Kolumb qənimətin on faizinə sahib olacaqdı. Eyni zamanda kəşf etdiyi hər yeni ada və ya torpaq parçasına qubernator (vali) olaraq təyin ediləcək və okeanların admiralı tituluna da sahib olacaqdı. Bu sazişə uyğun olaraq Kolumb Atlantik Okeanını keçərək Asiyaya çatan ilk avropalı olmaq ümidi ilə tabeliyindəki üç gəmi ilə yola çıxdı.

Dövrünün digər təhsilliləri kimi Kolumb da dünyanın kürə formasında olduğunu bilirdi. Bu da o demək idi ki, O, Avropadan qərbə doğru üzərək şərqə çatacaqdı. Ancaq Kolumbun xəyal etdiyi dünya daha kiçik idi. Zənn etdiyindən minlərcə kilometr uzaqdakı Asiyaya heç bir zaman çata biməyəcəkdi. Lakin şanslı idi, çünki bu uzun səyahətin yarısını belə qət etmədən Avropa və Asiya arasında naməlum bir torpağa çatacaqdı.

Avropanın məlum olan dənizlərini keçib getdikdən 33 gün sonra Kolumb və adamları suda üzən ağac budaqları və havada uçan quş sürüləri gördülər. 1492-ci ilin oktyabr ayında Rodriqo adlı matros ay işığının bəyaz bir qumsalda əks olunduğunu görəndə bütün heyətə həyacan içində xəbər verdi. Matrosun gördüyü yer Karib dənizindəki Baham adalarından biri idi. Qurunu görən ilk adam mükafatlandırılmalı idi, lakin Rodriqo mükafat almadı, çünki Kolumb bir gün əvvəl özünün bir işıq gördüyünü iddia etdi və mükafatı da özü aldı.

Aravakların Qeyri-mümkün Vəzifəsi

Kolumbu qarşılayan aravaklar kəndlərdə yaşayır və əkinçiliklə məşğul olurdular. Avropalılardan fərqli olaraq atları, ya da başqa heyvanları və istifadə edə biləcəkləri dəmirləri yox idi. Sahib olduqları ən qiymətli şey qulaqlarını bəzəyən kiçik qızıl zinət əşyaları idi.

O kiçik zinət əşyaları bir növ tarix yazmışdılar. Qızılları gördükdən sonra Kolumb onu qızılın mənbəyinə aparacaqlarını düşünərək aborigenləri əsir almağa başladı. Bu gün Haiti və Dominikan Respublikası arasında bölüşdürülən Hispanyola da daxil olmaqla digər bir çox Karib adasına da getdilər. Kolumbun gəmilərindən biri yararsız hala düşəndə sınıq gəmidən qalan taxtalarla özlərinə Haitidə bir qala tikdilər. Kolumb bu böyük kəşfi xəbər vermək üçün 39 nəfərlik heyəti Haitidə qoyaraq İspaniyaya doğru yola düşdü. Adada qalan heyətə isə qızıl axtarışını davam etdirməyi və tapdıqları qızılı toplamaq əmri verdi.

Kolumbun İspaniya Kral Məhkəməsinə etdiyi məruzənin yarısı həqiqət, yarısı isə uydurma idi. Məruzədə gəmilərlə Asiyaya çatdıqları bildirilir və aravaklardan “hindular” kimi bəhs edilirdi. Kolumba görə səfər etdiyi adalar Çin sahillərinə yaxın olmalı idi və hamısı təbii sərvətlərlə dolu idi.

“Hispanyola bir möcüzədir. Dağlar, təpələr, yaylalar və düzənliklər həm bərəkətli, həm də gözəl… Limanlar hədsiz dərəcədə yaxşı vəziyyətdədir, geniş dərələrin çoxunda qızıl mövcuddur… Həmçinin çoxlu ədviyyat, böyük qızıl mədənləri və başqa metallar var…”

Kolumb kral və kraliçanın köməyi ilə başqa bir səfər də təşkil edə biləcəyini dedi. Bu dəfə İspaniyaya “isdətiyi qədər qızıl… və qul” ilə geri qayıdacaqdı.

Kolumbun bu vədləri nəticəsində ikinci səyahət üçün ona on yeddi gəmi və 1200 nəfərdən çox heyət tabe edildi. Səfərin məqsədi çox dəqiq idi: qul və qızıl. Karib adalarında bir adadan digərinə gedərək hinduları tutdular. Lakin bu davranışları haqda söhbət yerli xalq arasında yayıldıqca getdikcə daha çox boş kəndlərlə qarşılaşmağa başladılar. Haitiyə çatdıqda isə birinci səyahətdən sonra adada qalan dənizçilərin meyitləri ilə qarşı-laşdılar. Dənizçilər qızıl tapmaq üçün qruplara ayrılaraq adanı viran qoymuş, qadın və uşaqları qul etmək istəmiş, amma sonda hindular tərəfindən öldürülmüşdülər.

Kolumbun adamlarının Haitidəki qızıl axtarışları nəticəsiz qaldı, digər tərəfdən də İspaniyaya geri qayıdacaq bütün gəmiləri qiymətli əşya ilə doldurmalı idilər. Buna görə də yerli əhalini kölələşdirmək üçün 1495-ci ildə adalara böyük bir hücum təşkil etdilər. Hücum ərəfəsində topladıqları əsirlərdən beş yüzünü İspaniyaya göndərmək üçün seçirdilər, lakin seçilən hinduların iki yüzü səfər zamanı öldü. İspaniyaya sağ gəlib çatanları da yerli kilsə xadimləri satışa çıxarırdı. Dini söhbətləri sevən Kolumb sonralar öz gündəliyinə qeyd edəcəkdi: “Ata, oğul və müqəddəs ruh naminə sata biləcəyimiz bütün qulları göndərməyə davam edək”.

Fəqət tutduqları əsirlərin çoxu öldü. Kolumb yeni torpaqlar kəşf etdiyi bu səfərini böyük qənimətlərlə bəzəyə bilmədiyi üçün çarəsiz vəziyyətdə qalmışdı. Belə ki, gəmiləri qızılla dol-duracağına dair verdiyi sözün arxasında dayanmalı idi. Haitidə qızılla dolu olduğunu güman etdikləri ərazidə 13 yaşından böyük hər kəsə qızıl axtarmağı əmr etdi. Tapdıqları qızılı ispanlara verməyən hinduların əlləri kəsilirdi.

Hindulara yerinə yetirilməsi mümkünsüz olan bir tapşırıq verilmişdi. Çünkü ətrafda tapa biləcəkləri qızıl sadəcə dərədəki qızıl tozları idi. Bu səbəbdən də hindular qaçırdılar. İspanlar onları itlərlə təqib edərək öldürürdülər. Tutduqlarını ya asaraq, ya da yandıraraq öldürürdülər. İspan əsgərlərinin silahları və süvariləri ilə bacara bilməyən aravaklar zəhər içərək toplu halda intihar edirdilər. İspanlar qızıl axtarmağa başlayanda Haitidə iki yüz əlli min hindu yaşayırdı. İki il davam edən qətliam və intiharlardan sonra isə onların sayı yarıya endi.

İspanlar daha çox qızıl tapılmasının mümkün olmadığını başa düşdükdə yerli xalqı öz hökmləri altında olan geniş ərazidə və mülklərdə qul kimi işlətməyə başladılar. Hindular hədsiz dərəcədə çox işlədilirdi və onlarla pis rəftar olunurdu. Minlərlə hindu öldü. 1550-ci ildə isə adada sadəcə beş yüz hindu qalmışdı, yüz il sonra isə Haitidə bir nəfər belə olsun aravak yox idi.

UŞAQ DƏNİZÇİLƏR

Əksər tarixçilər kimi mən də Kolumb və onun “adamları” haqqında yazıram, lakin 1492-ci ildə Kolumb ilə birgə Ninya, Pinto və Santa-Mariya gəmilərində səyahət edənlərin bir çoxu uşaq idi. Onlardan biri də Santa-Mariya gəmisində Kolumbla bir üzən 12 yaşlı qulluqçu Diyeqo Bermudez olmuşdur. Bu üç gəmidə üzən doxsan nəfərdən təxminən iyirmisi azyaşlı oğlan idi!

Kolumbla səyahət edən bu uşaqlar gəmilərdə yalın ayaq işləyir, sviterlərinin üzərindən başlarından aşağıya vedrə ilə tökülən su ilə yuyunur və gəminin göyərtəsindən kənarda, dənizin üzərində yerləşən tualetdən istifadə edirdilər və hətta kiçik oğlanlar da yeməklərilə tünd ağ şərab içirdilər.

Böyük oğlan uşaqları “criados” – gəmi işçilərinin xidmətçisi – və ya şagird, əlaltı adlanırdılar. Əsasən? onların vəzifəsi kəndirlə yuxarı qalxıb yelkəni düzəltmək olurdu. Bu şagirdlər müxtəlif çətinliklərdən keçərək mütəxəssis olurdular. Onlar işlərini asanlaşdırmaq üçün kəmərlərinə uzun kəndir bağlayır və daimə özləri ilə bıçaq gəzdirirdilər. Dieqo kimi qulluqçu işləyən azyaşlı oğlan uşaqları yemək bişirir və göyərtəni yuyurdu, onların ən əhəmiyyətli vəzifələri isə vaxtı demək idi. Gəmidə saat olmurdu ona görə də onlar “ampolleta” – kiçik şüşə – adlanan otuz dəqiqəyə dolan qum saatlarından istifadə edirdilər. Bütün qum bitən kimi qulluqçu onu tərsinə çevirirdi və göyərtənin arxasına doğru qaçaraq zəngi çalıb dua oxuyurdu. Bu isə növbəti yarım saatın keçdiyini ifadə edirdi. Qulluqçular hər biri iş gününün müxtəlif yarım saatını ifadə edən on altı duanı əzbərləməli idi. Bu da onlardan biridir:

 
“Tanrının yer üzünə gəldiyi saat müqəddəsdir,
Müqəddəs Məryəm- Ona uşaq verən,
Və Müqəddəs Con-Onun dəyərini qoruyan,
Qarovul keçir,
Qum saatı dolur,
Bizim yaxşı səyahətimiz olacaq,
Əgər Tanrı istəsə.”
 

Mənbə: Hoose, Phillip. We Were There, Too!: Young People in U.S History. New York: Farrar Straus Giroux, 2001.

Kolumbun Hekayəsini Danışmaq

Bartolome de Las Kasas sayəsində Kolumb Karib adalarına gələndən sonra nələrin baş verdiyini bilirik. Las Kasas ispanların Kubanı ələ keçirməsinə kömək edən gənc bir rahib idi. Bir müddət hinduları qul kimi işlətdiyi bir tarlası da vardı. Sonradan tarlasından imtina etdi və ispanların hindulara etdiyi zülmlərdən bəhs etməyə başladı.

Las Kasas Kolumbun gündəliyini köçürtdü və “Yerlilərin Tarixi” adlı bir kitab ərsəyə gətirdi. Kitabda yerli tayfalar və onların adətləri ilə birgə ispanların yerli hindularla necə rəftar etdikləri də əks etdirilib:

“… Yeni doğulmuş uşaqlar isə çox işlədilən və əksər zamanlarda ac olan analarının onları əmizdirmək üçün kifayət qədər südü olmadığından tez ölürdülər. Mən Kubada olanda üç ayda 7000 körpə öldü. Bəzən analar sırf çarəsizlikdən öz körpələrini boğurdular… Beləliklə, hədsiz işlədilən kişilər mədənlərdə, qadınlar isə işlədikləri zaman öldüyü üçün körpələr də qida çatışmazlığından ölürdü… İnsanlığa sığmayan bu hərəkətləri öz gözlərimlə görürdüm və indi bunları qələmə alarkən belə dəhşətə gəlirəm…”

O illər avropalıların Amerikada tarixinin hələ başlanğıcıydı və bu tarix torpaqların ələ keçirilməsi, quldarlıq və qətliamlarla dolacaqdı. Fəqət illər boyu uşaqlara tədris edilən tarix kitabları bu qətliamlardan yox, qəhrəmanlıqlarla dolu fərqli bir macəradan bəhs edirdi. Hekayənin gənclərə tədris metodu artıq dəyişməkdədir.

Kolumb və hinduların hekayəsi bizə tarixin necə yazıldığını göstərir. Kolumb haqqında yazan ən məşhur tarixçilərdən biri olan Semuyel Eliot Morison onun yolunu izləyərək Atlantik okeanı qət etdi. 1954-cü ildə “Dənizçi Xristofor Kolumb” adı altında məşhur bir kitab ərsəyə gətirdi. Morison Kolumb və onun kimilərinin hinduların “tam mənada soyqırımına” səbəb olduğunu dedi. Soyqırım məqsədli şəkildə bir etnik və mədəni qrupun məhv edilməsi deməkdir. Morison törədilən əməllərə bu ifadəni uyğun görmüşdü.

Morison Kolumb haqqında yalan danışmamışdı. Kitabında kütləvi qətliamlardan bəhs etsə də, bu mövzulara az toxunaraq diqqəti başqa hadisələrə yönəltdi. Soyqırımı digər məlumatların içində gizləyərək, sanki, kütləvi qətliamların əslində çox da əhəmiyyətli olmadığını vurğulamağa çalışırdı. Soyqırımı hekayənin kiçik bir hissəsi kimi göstərərək Kolumb haqqında daha fərqli düşünməyə əngəl oldu. Kitabın sonunda qısaca Kolumbun böyük bir insan olduğunu deyən Morisona görə onun ən vacib xüsusiyyəti dənizçiliyi idi.

Bir tarixçi bir çox məlumat arasından nəyi daxil edəcəyini, nəyi etməyəcəyini və nəyin hekayənin sujet xəttində əsas yer tutacağını seçməyə məcburdur. Hər tarixçinin öz düşüncələri onun dəsti-xəttini formalaşdırır. Yazılan tarix isə oxucuların baxış və düşüncələrinə təsir edir. Morisonunku kimi Kolumb və onun kimilərini böyük dənizçilər və səyyah kimi göstərən, soyqırıma, demək olar ki, toxunmayan bir tarix bu insanların etdiklərinin, sanki, haqq olduğuna eyham vurur.

Əsasən, yazaraq və ya oxuyaraq tarixlə maraqlanan insanlar fəth və qətliam kimi dəhşətli şeyləri inkişafın bir parçası olaraq görməyə vərdiş ediblər. Çünki bu insanların çoxu tarixə fatehlərin və liderlərin hekayəsi kimi baxır. Keçmişə bu nöqteyi-nəzərdən baxanda isə tarixin dövlətlər və ya millətlərdən bəhs etdiyini görürük.Bu tarixin aktyorları krallar, prezidentlər və generallardır. Yaxşı bəs işçilər, əkinçilər, qaradərililər, qadınlar və uşaqlara nə oldu? Onlar tarix yaratmırlarmı?

Hər ölkənin tarixi fəth edənlər və fəth edilənlər, ağalar və qullar, güclülər və zəiflər arasında amansız mübarizədən bəhs edir. Tarix yazmaq hər zaman bir qrupun tərəfini saxlamaqdır. Məsələn, mən Amerikanın kəşfinə aravakların gözündən baxmağı üstün tuturam. ABŞ konstitusiyasının tarixini qulların, Vətəndaş Müharibəsini isə Nyu-Yorkda yaşayan irlandların gözündən yazacağam.

Tarixin bizə gələcək üçün yeni alternativlər fikirləşməkdə kömək edəcəyinə inanıram. Bunu həyata keçirməyin yolu da gizli qalmış səhifələri görməyimizlə mümkündür. Bəlkə də, gələcəyimiz əsrlər boyu davam edən müharibələrdən çox, keçmişin yaxşılıq və cəsarət dolu anlarında gizlənib. Bu isə elə mənim Ko-lumb və aravakların qarşılaşması ilə başlayan Amerika Birləşmiş Ştatları tarixinə yanaşma tərzimdir.

Daha Çox Yığıncaq, Daha Çox Münaqişə

Kolumb və aravaklar faciəsi dəfələrlə təkrarlandı. İspan fatehləri Hernan Kortes və Fransisko Pizarro-biri Meksikada yaşayan astekləri, digəri isə Cənubi Amerikadakı inkləri qırdı. İngilis mühacirlər də Virciniya və Massaçusetsə çatdıqda eyni şeyi qarşılaşdıqları hindulara edirdilər.

Virciniyadakı Ceymstoun – Amerikadakı ilk ingilis məskəni-hindu qəbilə başçısı Pouhatanın idarə etdiyi ərazidə salınmışdı. Pouhatan öz ərazisində məskunlaşan ingilisləri təqib etsə də, hücum etmirdi. 1607-ci ildə Ceymstoun liderlərindən Con Smit ilə danışdı. Bizə gəlib çatan mətn tam olaraq Pouhatanın sözləri olmaya bilər, ancaq göründüyü qədərilə bu mətn sonradan digər hinduların dedikləri və yazdıqlarına olduqca oxşardır. Biz bu mətndə ağ adamlar onların ərazisinə girəndə Pouhatanın nə düşündüyünü görə bilərik:

“… Müharibə ilə sülh arasındakı fərqi ölkədəki hansısa birindən daha yaxşı bilirəm. Niyə sevgi ilə əldə edə biləcəyiniz bir şeyi güc yolu ilə almağa cəhd edirsiniz? Niyə sizə qida verəni yox edirsiniz? Müharibə edərək nə əldə edə bilərsiniz? Niyə bizi qısqanırsınız? Biz silahsızıq və dostca yaxınlaşsanız, istədiklərinizi sizə verməyə hazırıq və bilmədiyiniz üçün də zənn etdiyiniz qədər sadə deyil: ağlardan qaçıb meşədə, soyuqda yatmaq, palıd qozası və bitki kökləri kimi çör-çöplə qidalanmaq və ovlanmaq qorxusu ilə yeyib-içə bilmədiyim bir vəziyyətə düşməkdənsə, yaxşı ət yemək, rahat bir yatmaq, arvadlarım və uşaqlarımla dinc yaşamaq, gülmək və ingilis dilini ələ salmaq, mis pulları və baltaları üçün onlarla ticarət etmək daha yaxşıdır…”

Ceymstoundakı ingilislər 1609-1610 illərinin qışında “aclıq dövrü” kimi adlandırdıqları böyük bir qida qıtlığı yaşayırdılar. Meşələrdə gəzərək fındıq və cır meyvə axtarır, hətta cəsədləri yemək üçün məzarları da açırdılar. Beş yüz immiqrantın altmışından başqa hamısı öldü.

Kolonistlərin bəziləri ən azından ac qalmayacaqları ümidi ilə hindulara qoşuldu. Növbəti ilin yayında Ceymstounun valisi qəbilə başçısı Pouhatandan həmin insanları qaytarmasını istədi. Pouhatan bu istəyi rədd etdikdə Pouhatanın arvadını qaçırdılar, uşaqlarını çaya atıb güllələdilər, sonra isə qadını bıçaqlayaraq öldürdülər.

On iki il sonra hindular getdikcə sayı artan ingilis mühacirlərdən xilas olmağa çalışırdılar. 347 kişi, qadın və uşağı qətlə yetirdilər. Sonrası isə tam mənada müharibədir. Artıq ingilislər nə hinduları əsirə çevirə, nə də onlarla birgə yaşaya bilərdilər. Buna görə də onları tamamilə məhv etməyə qərar verdilər.

Ağ mühacirlər şimala-Yeni İngiltərəyə getdilər. Ceymstoun sakinləri kimi onlar da hinduların torpaqlarında məskunlaşırdılar. Pekot qəbiləsi Cənubi Konnetikut və Rod-Aylənddə yaşayırdı. Kolonistlər bu torpaqları istəyirdilər və beləcə pekotlarla müharibə başladı. Hər iki tərəfdə də tələfatlar oldu. İngilislər Kortesin Meksikada istifadə etdiyi müharibə hiyləsindən istifadə etdilər. Düşmənə göz dağı vermək üçün döyüşçü olmayan sadə xalqa hücum edirdilər. Hinduların çadırlarına od vurur və yanğından qaçanları qılıncdan keçirirdilər.

Kolumb Amerikaya gələndə bugünkü Meksikanın şimalında 10 milyon hindu yaşayırdı. Avropalılar orada məskunlaşmağa başlayanda hinduların da sayı azalmağa başladı və sonda bir milyondan da az hindu qaldı. Əksəriyyəti ağ insanların yaydığı xəstəliklərdən öldü.

Yaxşı bəs bu hindular kim idi? Kolumb və heyəti üçün əllərində hədiyyələri ilə sahilə enən, Virciniya və Massaçusetsdəki mühacirləri meşədən diqqətlə baxan bu insanlar kim idi?

Kolumb gəlməmişdən əvvəl Amerika qitəsində 75 milyondan çox hindu yaşayırdı. Yüzlərlə fərqli qəbilə təxminən iki min dildə danışırdı. Əksəri köçəri idi, ovçuluq və yığıcılıqla məşğul olurdular. Digərləri isə əkinçilikdə ixtisaslaşmışdı və toplu halda, oturaq yaşayırdılar. Şimal-şərqin ən güclü qəbiləsi olan irokeslərdə torpaq fərdin mülkiyyətində deyildi, icmaya məxsus idi. İnsanlar necə ki, əkinçilik və ovçuluqda işləri bölüşdürürdü, eynilə ərzaqı da bölürdülər. İrokes qəbiləsində qadına çox böyük hörmət edilirdi və hər iki cins də hakimiyyəti bölüşürdü. Uşaqlara azad və müstəqil olmaq öyrədilirdi. Yalnız irokeslər yox, digər qəbilələr də uşaqlara bu cür tərbiyə verirdi.

Kolumb və onu təqib edən avropalılar boş çöllərə gəlmədilər. Onlar elə bir yerə gəlmişdilər ki, bəzi yerlərdə əhali Avropadakı qədər sıx yerləşir idi. Hinduların özlərinə məxsus tarixləri, adət-ənənələri, özlərinə aid dastanları və dilləri var idi. Sosial cəhətdən avropalılardan daha bərabər olan bir cəmiyyətdə yaşayırdılar. Bəs “inkişaf etmək” yerli qəbilələri qırmaq üçün tutarlı bir səbəb idimi? Hinduların tarixi bizə tarixə fatehlərin və liderlərin hekayələrindən daha fərqli bir gözlə baxmağımızın vacib olduğunu xatırladır.

“AĞ HİNDULAR”

İngilis kolonistləri bir döyüşdə yerli amerikalılar tərəfindən əsir alındı və sonradan onlar özləri hindu icmalarında yaşamağa üstünlük verdilər ki, məhz buna görə də “ağ hindular” adlandırıldılar. Unis Uilyams (1696-1785) buna bir misaldır. O, kahnavak mohavkları (Kahnawake Mohawk) tərəfindən əsir götürüləndə yeddi yaşındaydı. Onun anası və qardaşlarından ikisi öldürülənlər arasında idi. Digər iki qardaşı isə özü kimi əsir götürülmüşdü. İki il yarım sonra onun atası Reverend Con Uilyams Unis və onun qardaşlarının geri qaytarılması üçün hindularla danışıqlara başladı, lakin Unis hinduların icmasını tərk etməyi rədd etdi. Bir mohavk kimi o katolikliyi qəbul edib başqa bir mohavka ərə getdi.

Bu hadisə onu göstərir ki, mohavklar uşaqlara qarşı daha mülayim olub və qadınlara da kişilərlə bərabər səviyyədə hörmət edib. Avropalı valideynlər fiziki cəzanın zəruri olduğunu hesab etdikləri halda, hindular inanırdılar ki, uşaqları “mülayim sözlərlə tənbeh” etmək lazımdır, çünki cismani cəza xarakteri zəiflədir və uşaqları müti edir. Yerli amerikalıların mədəniyyətində əsas məqsəd uşaqlara azadlığı və cəsarəti təlqin etmək idi.

1753-cü ildə Benjamin Franklin yazırdı: “Hər iki cinsdən olan ağ insanlar hindular tərəfindən gənc yaşlarında əsir götürüləndə və bir müddət onların arasında yaşayandan sonra hətta Dostları tərəfindən pul müqabilində geri alınsalar və ağla gələ biləcək bütün nəvazişlə onların ingilislər arasında yaşaya bilmələri üçün müalicə olunsalar da, yenə də Qısa müddət sonra onlar bizim həyat tərzimizdən iyrənirdilər və hərəkətləri və ağrı-acıları ilə də bunu büruzə verirdilər və ilk Fürsətdə yenə də bir daha xilas edilməsi qeyri-mümkün olan meşəyə qaçırdılar”.

Mənbə: Mintz, Steven. Huck’s Raft: A History of American Childhood. Boston: Harvard University Press, 2004, p. 7, 8, 15, 35.

İKİNCİ FƏSİL
QARA VƏ AĞ2

Dünya tarixində irqçiliyə Amerika Birləşmiş Ştatları kimi vurğun olan başqa bir ölkə yoxdur. Bu irqçilik necə başladı? Buna necə son qoymaq olar? Daha açıq desək, qaralar və ağlar bir-birlərinə qarşı düşmənlik hissi bəsləmədən bir yerdə yaşaya bilərlərmi?

Bəlkə də, tarix bizə bu suallara cavab tapmaqda kömək edə bilər. Bu qitəyə ilk gələn ağların və qaraların izinə düşərək Şimali Amerikadakı quldarlıq tarixindən bəzi məqamlara işıq tuta bilərik.

Quldarlıq Şimali Amerikada qaralarla ağlar arasındakı normal münasibətə çevrildi. Eyni zamanda ağlar qaraların özlərinə bərabər olmadıqlarını düşünməyə başladılar. Qaralar 350 ildən bəri özlərinin daha aşağı irqə aid olduqları düşüncəsindən yaranan irqçilik səbəbilə Amerika cəmiyyətində daha aşağı mövqelər tutacaqdılar.

Niyə irqçilik?

İlk ağ mühacirlərin keçirdikləri təcrübələr onları qaraları kölələşdirməyə vadar etdi. Virciniyada 1609-1610-cu illərdə baş vermiş “Aclıq Dövrü”ndən sonra həyatda qalan mühacirlərə yeniləri də qoşuldu. İlk mühacirlərin tarlalarda kifayət qədər tərəvəz və meyvə yetişdirə bilmələri üçün daha çox işçi qüvvəsinə ehtiyacları var idi. Təkcə qarğıdalı ilə kifayətlənmək istəmirdilər. Virciniyadakı mühacirlər hindulardan tütün əkməyin yollarını öyrənmişdilər və 1617-ci ildə İngiltərəyə ilk dəfə tütün göndərdikdə yaxşı qazanc əldə etmişdilər. Bəziləri siqaret çəkməyin günah olduğunu düşünsə də, plantatorlar belə insanların qazanclarını azaltmasına heç vaxt icazə vermədilər və İngiltərəyə tütün göndərməyə davam edirdilər.

Bəs tütün yetişdirmək və onu satışa hazırlamaq kimi əziyyətli bir işi kim edəcəkdi? Ağ mühacirlər hinduları özləri üçün işlətməyə məcbur edə bilmədilər. Çünki hindular say etibarilə mühacirlərdən çox idi. Hinduları silahla vurmaq istəsələr belə, digər hindular onları qətlə yetirirdilər. Hinduları qula çevirmək mümkün olmadı, çünki onlar tabeedilməz və inadkar idilər. Şimali Amerika meşələri mühacirlərə qəribə və qorxunc görünsə də, hindular burada özlərini evlərindəki kimi hiss edirdilər. Asanlıqla mühacirlərdən uzaqlaşa və ya qaça bilərdilər.

Bəlkə də virciniyalılar hinduları nəzarətdə saxlaya bilmədikləri üçün əsəbi idilər. Bəlkə də, bar-bar olaraq gördükləri hinduların mədəni olan ağlara nisbətdə özlərinə çox daha yaxşı baxa bilmələrini qısqanırdılar. “Amerika Quldarlığı, Amerika Azadlığı” adlı kitabında Edmund Morgan kolonistlərin hindulardan daha yaxşı yaşamaq və ya onları nəzarət altında saxlamaq kimi uğursuz cəhdlərinin ağlara nələr hiss etdirdiyi haqda belə fikirləşir:

“… Hindular öz aralarında sizin üstün metodlarınıza güldülər və sizdən daha az qüvvə sərf edərək torpaqdan daha səmərəli istifadə etdilər… Öz adamlarınız onlarla yaşamaq üçün sizdən qaçmağa başlayanda bu sizə çox pis təsir etdi… Buna görə də hinduları öldürdünüz, onlara işkəncə verdiniz, kəndlərini və tarlalarını yandırdınız… Amma bunlara baxmayaraq daha çox qarğıdalı becərə bilmədiniz…”

Bəlkə də bu qısqanclıq və qəzəb mühacirləri qaraların ağası olmağa hazırladı. Qara qulları gətirib işlətmək virciniyalılara çox təbii göründü. Axı Amerikadakı digər koloniyalar bunu uzun zamandan bəri edirdilər.

1619-cu ildə Afridakan bir milyon qara Cənubi Amerika və Karib adalarındakı portuqal və ispan koloniyalarına aid mədənlər və şəkər qamışı tarlalarında qul olaraq işlədilmək üçün gətirildi. Əslində qul ticarəti Kolumbdan 50 il əvvəl on minlərlə afrikalı öz torpaqlarından aparılıb Portuqaliyada satılanda başlamışdı. Buna görə də 1619-cu ildə ilk iyirmi qara Ceymstauna gətirilərək mühacirlərə satılarkən ağlar əslində çox əvvəldən afrikalıları kölələşdirməyi düşünürdülər.

Afrikalıların çarəsizliyi qul olmalarını asanlaşdırırdı. Hindular öz torpaqlarında, ağlar isə yeni bir qitədə idilər. İngilis mədəniyyətini də özləri ilə bərabər gətirmişdilər. Qaralar isə öz torpaqlarından və mədəniyyətlərindən qoparılmışdılar. Dil, geyim-keçim, adət-ənənə və ailə həyatı kimi ağlara lazımsız görünən mədəni miraslarının yavaş-yavaş yox edildiyi yeni bir həyat tərzində yaşamağa zorlanmışdılar. Yalnız fövqəlbəşəri bir iradə ilə mədəni miraslarının qalıntılarına sahib çıxa bilərdilər.

Afrika mədəniyyəti Avropa mədəniyyətindən daha aşağı bir mədəniyyət idi və buna görə də onu yox etmək dahamı asandır? Afrika mədəniyyəti öz daxilində Avropa mədəniyyəti qədər inkişaf etmişdi. Afrika mədəniyyəti altında 100 milyon insan yaşayırdı. Böyük şəhərlər qurmuş və dəmir alətlərdən istifadə etmişdilər. Əkinçilik, toxuma, dulusçuluq və heykəltəraşlıqda ixtisaslaşmışdılar. XVI əsrdə Afrikaya gedən avropalılar Timbuktu və Mali krallıqlarından təsirlənmişdilər. Avropa dövlətlərində müasirləşmə prosesi gedərkən Afrika dövlətləri olduqca təkmil və sabit idi.

Əslində Afrikada da quldarlıq sistemi var idi və avropalılar bunu özlərinə haqq qazandırmaq üçün istifadə etdilər. Afrikadakı qulların həyat şəraiti daha ağır olsa da, Amerikadakılardan daha çox haqqa sahib idilər. Amerikadakı quldarlıq iki səbəbə görə tarixdəki ən qəddar quldarlıq sistemidir. İlkin olaraq Amerikadakı quldarlıq sistemi sərhədsiz bir qazanc məqsədilə qurulmuşdu. Həmçinin ağları ağa, qaraları isə qul olaraq görən irqçi bir nifrətdən qaynaqlanırdı. Bu səbəbdən Amerikadakı quldarlıq sistemində qullarla insan kimi davranılmırdı.

Bu qeyri-insani rəftar Afrikada başlamışdı. Əsir alınan qullar bir-birilərinə zəncirlərlə bağlanaraq sahilə doğru kilometrlərlə getməyə məcbur edilirdilər. Hər beş əsir quldən ikisi bu yürüş zamanı ölürdü. Sağ qalanlar isə çatdırılacaqları yerə aparılmaq üçün hərracda satılanadək qəfəsdə saxlanılırdılar.

Sonra qul gəmilərinin göyərtələrinə yüklənirdilər. Tabutdan çox da böyük olmayan qaranlıq bölmələrdə bir-birlərinə zəncirlənirdilər. Bəziləri bu pis şəraitdə havasızlıqdan ölürdü, bəziləri isə bu zülmdən qurtulmaq üçün özünü dənizə atırdı. Gəmilərdə okeanın o tayına göndərilən afrikalıların üçdə birinin yolda öldüyü güman edilir. Fəqət qul ticarəti sərfəli iş idi və tacirlər qaraları balıq kimi anbarlarda toplamaqda davam edirdilər.

Əvvəllər ən böyük qul taciri hollandlar idi. Sonradan isə bu ticarəti ingilislər öz boyunlarına götürdü. Yeni İngiltərədəki bəzi amerikalılar da bu ticarətə qoşuldu. 1637-ci ildə ilk Amerikan qul gəmisi Massaçusetsdən yola düşdü. Gəminin anbarları təxminən yarım metr genişliyində və iki metr uzunluğunda dəmir qəfəslərə bölünmüşdü.

1800-cü ilə qədər 10-15 milyona qədər afrikalı Amerikaya gətirilmişdi. Bizim müasir mədəniyyətin başlanğıcı saydığımız bir dövrdə Afrika təxminən 50 milyon insanını quldarlıq yolu ilə itirdi.

Quldarlıq Amerikan koloniyalarında Ceymstaundakı mühacirlərin ümidsiz işçi axtarışları ilə başladı. Hindulardan istifadə edə bilmədilər və ağları da qulləşdirmək çətin olacaqdı. Fəqət gözünü qazanc ehtirası bürümüş insan tacirləri sayəsində artıqlaması ilə qara mövcud idi. Tutulduqdan sonra gördükləri dəhşətli rəftar afrikalıları olduqca çarəsiz vəziyyətə saldı. Bütün bunlar afrikalıların kölələşdirilməsinə yol açdı.

Qorxu və İrqçilik

Görəsən Amerikadakı bütün qaralar qul idi? Bəlkə də ağ mühacirlər bəzi qaraları qul yox, xidmətçi kimi qəbul etmişdilər. Çünki ağ nökərlər3 də var idi. Bəs onlarla qaralara nisbətdə daha fərqli rəftar edirdilər?

Virciniyada baş vermiş bir hadisə ağ və qaralara olan rəftarın çox fərqli olduğunu göstərir. 1640-cı ildə altı ağ və bir qara xidmətçi qaçmağa cəhd etdi, amma tutuldular. Emanuel adlı qara məhkəmə qərarı ilə otuz dəfə qamçılandı. Həmçinin bir yanağı közərmiş dəmirlə damğalandı, ayaqları qandallı vəziyyətdə bir ildən çox işləmək cəzası verildi. Tutulan ağların cəzaları isə çox daha yüngül idi.

Bu qeyri-bərabər rəftar irqçilik idi, hərəkətlərdə və duyğularda özünü göstərirdi. Ağlar özlərini qaralardan üstün görür və onları alçaldırdılar. Qaralara bir-birinə etdiklərindən daha çox sərt və zalımcasına münasibət göstərirdilər. Bəs bu irqçilik “təbii” idi? Ağlar qeyri-ixtiyari olaraqmı qaraları sevmir və onlara pis rəftar edirdilər? Ya da irqçilik əslində aradan götürülməsi mümkün olan müəyyən şəraitin nəticəsi idi?

Bu sualları cavablandırmağın bir yolu Amerika koloniyalarında yaşayan bəzi ağların qaralara bərabər gözlə baxıb-baxmadığını öyrənməkdir və sübutlar bunun baş verdiyini göstərir. Ağlar və qaralar düşmən olaraq gördükləri eyni ağaya sahib olduqları və eyni problemlərlə qarşılaşdıqları zaman bir-birləri ilə bərabər rəftar edirdilər.

Quldarlığın Amerika koloniyalarında təşəkkül tapmasını izah etmək üçün “təbii” irqçilikdən danışmağa ehtiyac yoxdur. İşçi qüvvəsinə olan tələbat bunu izah etmək üçün tutarlı bir səbəbdir. Koloniyalara gələn ağların sayı tarladakı işçi ehtiyacını qarşılamaq üçün kifayət etmirdi və buna görə də mühacirlər bu ehtiyacı qarşılamaq üçün quldarlığa yönəldi. İşçiyə tələbat artmaqda idi. 1700-cü ildə Virciniya əhalisinin on ikidə birini qullar təşkil edirdi, 1763-cü ildə qullarin sayı 170 000-ə, yəni əhalinin yarısına bərabər oldu.

Başlanğıcdan etibarən qara qadın və kişilər kölələşdirilməyə müqavimət göstərdilər. Müqavimətləri ilə – bəlkə yalnız özlərinə və bacı-qardaşlarına olsa da – bir insan olaraq şərəfli olduqlarını göstərdilər. Əksər vaxtlarda işi yavaşlatmaq və gizlicə ağların mülklərinə zərər vermək kimi müəyyənləşdirilməsi və cəzalandırılması çətin metodlara baş vururdular. Bir müqavimət şəkli də qaçmaq idi. Afrikadan təzə gələn və hələ öz kəndlərindəki həyatı saxlamağa çalışan qullar toplucaqaçaraq vəhşi təbiətdə kiçik icmalar4 qurmağa səy göstərirdilər. Amerikada doğulub kölələşdirilənlər isə daha çox tək qaçıb azadlıqlarına qovuşmağa üstünlük verirdilər.

Qaçaq qullar cəza və ölümlə qarşılaşacaqlarını bilirdilər. Qaçış planını hazırlayarkən belə tutulsalar, çox dəhşətli şəkildə cəzalandırılırdılar. Qullar yandırılır, şikəst edilir və öldürülürdülər. Ağlar digər qulların qiyamını əngəlləmək üçün sərt cəzaların labüd olduğuna inanırdılar.

Ağ mühacirlər qaraların mütəşəkkil üsyanından qorxurdular. Qul üsyanlarına olan qorxu böyük plantasiya həyatının bir reallığı idi. 1736-ci ildə Vilyam Berd adında bir virciniyalı plantator belə yazırdı: “Bədbəxt taleli” cəsur bir qul lideri qiyam etdikdə “çaylarımızı qanla rəngləndirəcək” bir müharibə başlada bilər.”

Çox olmasa da buna bənzər qiyamlar da baş verdi və bunlar plantatorların qorxusunu həmişə canlı saxladı. 1720-ci ildə Cənubi Karolinadakı bir ağ mühacir əvvəlcədən qarşısı alınan planlanmış bir üsyanla bağlı Londona bunları yazırdı:

“… Sizə bildirmək istəyirəm ki, bu yaxınlarda zəncilərin bütün ağları yox etmək və Çarles Tauna ələ keçirməyə yönəlmiş vəhşi çıxışları ilə qarşılaşdıq… Lakin Tanrıya şükürlər olsun ki, bundan xəbərdar olduq və əksəriyyətini həbs etdik, bəzilərini yandırdıq, bəzilərini asdıq və bəzilərini sürgünə göndərdik…”

On, ya da daha çox sayda qaranın birləşərək qiyam qaldırdığı və ya üsyana hazırlandığı 250-ə yaxın hadisə məlumdur. Ancaq üsyanlarda yalnız qullar iştirak etmirdi. Qulların üsyanına bəzən ağlar da dəstək verirdi. 1663-cü il kimi olduqca erkən bir tarixdə Virciniyadakı nökər və qara qullar azadlıqlarına qovuşmaq üçün gizlicə birləşərək üsyana hazırlaşarkən xəyanətə uğradılar və əksəri edam olundu.

1741-ci ildə Nyu-Yorkda on min nökər və iki min qara qul var idi. Sərt qış şəraitinin hər iki irqin yoxsullarına səfalət gətirdiyi bir dövrdə əsrarəngiz yanğınlar başladı. Qara və ağlar əlbir olmaqda günahlandırıldılar. Sərt ittihamların irəli sürüldüyü məhkəmə çox həyəcanlı keçdi. Bəzi insanlara təzyiq altında məcburən etiraf etdirildi. Nəticədə iki ağ kişi və iki ağ qadın edam edildi, on səkkiz qul asıldı və on üç qul də diri-diri yandırıldı.

Amerika koloniyalarında qaraların üsyanından da böyük yalnız bir qorxu var idi ki, o da indiki həyat şəraitindən razı olmayan ağların ictimai quruluşu dəyişdirmək üçün qaralarla birləşmə qorxusu idi. Xüsusilə də, quldarlığın ilk illərində, hələ irqçilik çox da yayılmamışkən bəzi nökərlərə qullar qədər pis münasibət göstərilirdi. Bu iki fərqli irqə mənsub insanların birləşmə ehtimalı var idi.

Belə böyük bir üsyanın qarşısını almaq üçün koloniya liderleri bəzi tədbirlər gördü. Yoxsul ağlara kömək edərək bəzi yeni haqlar verdilər. Məsələn, 1705-ci ildə Virciniyada plantatorların təqaüdə çıxandan sonra nökərlərə bir az pul və qarğıdalı verməsi ilə bağlı qanun qəbul edildi. Azadlıqlarına qovuşan nökərlər torpaq payı da alacaqdılar. Bu tədbirlər nökərlərin cəmiyyətdəki mövqelərindən daha az şikayətlənmələrini təmin edərkən ağ ağalarına qarşı qara qullarla birləşməsi ehtimalını da azaltdı.

Tarixin bu ipləri ilə hörülən tor qaraları Amerika quldarlıq sisteminin içinə həbs etdi. Ac mühacirlərin çarəsizliyi, ölkələrindən didərgin salınan afrikalıların acizliyi, qul tacirləri ilə tütün əkən plantatorların əldə etdiyi yüksək qazanclar və üsyan edən qulları cəzalandırmağa istiqamətlənmiş qanun və adətlərin hamısı bu torun bir hissəsi idi. Son olaraq ağ və qaraların bərabər şərtlərdə birləşməsinin qarşısını almaq üçün yoxsul ağlar bəzi sosial qazanclarla təmin edilmişdi.

Ancaq bu toru əmələ gətirən iplər “təbii” deyildi. Xüsusi şərtlər altında yaradılmış tarixi elementlər idi. Bu yaradılmış tarixi torun asanlıqla yox edilə biləcəyi mənasına gəlmir. Bu qara və ağların fərqli tarixi şərtlər altında, fərqli bir şəkildə bərabər yaşaya biləcəkləri mənasına gəlir.

ÜÇÜNCÜ FƏSİL
KOLONİSTLƏR KİMDİR?

Amerika inqilabından yüz il əvvəl Virciniyada bir üsyan baş verdi. Qəzəbli mühacirlər paytaxt Ceymstaunu yandırdılar. Qubernator yanan şəhərdən qaçdı və İngiltərə qırx minə qədər kolonisti nəzarətdə saxlamağa ümid edərək Atlantik okeanla min əsgər yolladı.

Bekon üsyanı adı ilə tanınan bu hadisə amerikalı kolonistlərinin britaniyalılara qarşı olan üsyanı hesab olnmururdu. Bekon üsyanı yoxsul və qəzəbli mühacirlərin öz düşmənləri olaraq gördükləri iki qrupa qarşı yönəlmişdi. Bu qruplardan biri hindular, digəri isə kolonistlərin zəngin və imtiyazlı liderləri idi.

Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir yerə yığdı. Sərhəd bölgəsində yaşayan ağlar üsyan qaldırdılar, çünki koloniyaların idarə sistemindən narazı idilər. Daha sonra nökərlər və qara qullar da üsyana qoşuldular. Onlar da Virciniyada mövcud olan siniflər arasındakı uçuruma qəzəblənmişdilər.

Nataniel Bekon və Üsyan

Bekon üsyanı Virciniyanın qərb sərhədindəki problemlərlə başladı. 1670-ci illərdə zəngin plantatorlar şərqi Virciniyanın böyük hissəsinə nəzarət edirdilər. Nəticə etibarilə bir çox sadə insan məskunlaşdıqları regionun ən uc hissəsinə, sərhədlərə doğru sıxışdırıldıqlarını hiss edirdilər. Həyat bu bölgələrdə daha təhlükəli idi. Kolonistlərlə hindular arasında gərginlik yaranırdı. Mühacirlər liderlərinin hindularla savaşmasını istəyirdi, amma siyasətçilər və koloniyaların idarə ediciləri olan torpaq sahibləri müharibə tərəfdarı deyildilər. Çünki hinduların bəzilərindən cəsusluq və əməkdaşlıq məqsədilə istifadə edirdilər.

Sərhəddə yaşayanlar hökumətin onları yarı yolda qoyduğunu düşünürdü. Qəzəbli idilər və belə düşünən sadəcə onlar deyildi. O dövrdə həyat şəraiti daha çox çətin idi və əksər virciniyalılar həyatlarına yoxluq içində, ya da çox çətin şərtlər altında kölə kimi çalışaraq davam edirdilər. 1760-cı ildə bu bədbəxt virciniyalılar özlərinə lider olaraq Nataniel Bekonu seçdilər.

“…Ən qaba və cahil insanları belə tamahlandırırdı… belə ki, bütün ümidlərini Bekona bağlamışdılar. Bekon qubernatoru səhlənkarlıq, xainlik və qabiliyyətsizliklə, verdiyi qanunların və vergilərin ədalətsizliyində günahlandırırdı…”

Bekonun olduqca geniş bir ərazisi var idi. Böyük ehtimalla kasıblara kömək etməkdənsə, hindularla savaşmağa daha çox əhəmiyyət verirdi. Yenə də Virciniya xalqı onun öz tərəflərində olduğunu hiss edirdi. Bekonu qəsəbə sakinlərinin parlamenti kimi tanınan koloniya idarəsinə seçdilər. Bekon silahlı milisləri5 və vətəndaşları hinduların üstünə göndərməyə hazır idi. Bu milislər hökumət nəzarətindən kənarda hərəkətə keçəcəkdilər. Bu vəziyyət koloniyanın qubernatoru Vilyam Berklini həyəcanlandırdı. Berkli Bekonu qiyamçı adlandırdı və onu həbs etdi.

Təxminən iki min Bekon tərəfdarı Ceymstauna yürüş etdi və qubernator bir üzr qarşılığında Bekonu azadlığa buraxdı. Fəqət azadlığa çıxan kimi Bekon milisləri topladı və hindulara hücum etdi. Üsyana çox az qalmışdı.

Bekon bu üsyanın səbəblərini “Xalq Bəyənnaməsi”ndə izah etdi. Bəyənnamə sərhəddəki mühacirlərin hindulara, sadə xalqın isə zənginlərə olan qəzəbinin ifadəsi idi. Bekon Berkli hakimiyyətinin ədalətsiz vergilər kimi yanlışlıqlara və hindulara qarşı qərbli fermerləri qorumadığına görə günahlandırırdı.

Bir neçə ay sonra Bekon xəstələndi və iyirmi doqquz yaşında öldü. Bu səbəbdən üsyan çox uzun davam etmədi. Otuz silahlı əsgərin olduğu bir gəmi asayişi qorumaq üçün ana su yolların-dan biri olan York çayından keçərək koloniya ərazisinə çatdı. Gəminin kapitanı Tomas Qrantem son üsyançı qrupunu tərk-silah etmək üçün güc və hiylə işlətdi. Qrantemin qarşısında dört yüz silahlı ağ və qara vardı. Muzdlular, nökərlər və qullardan ibarət olan bu qrupa onları bağışlayacağına və azad buraxacağına dair söz verdi. Amma sözünü tutmadı və gəmisinin silahlarını onlara doğruldaraq silahlarını müsadirə etdi. Sonra nökər və qulları sahiblərinə təslim etdi. Nəticədə üsyançıların iyirrmi üç lideri asıldı.

Bekon üsyanı Virciniyadakı zəncirvari istismarın bir nəticəsi idi. Sərhəddəki ağlar hinduların torpaqlarını işğal etmişdilər. Bu ağlara Ceymstaunda yaşayan zəngin yuxarı təbəqə tərəfindən vergi qoyulur və idarə edilirdi. Zənginlər və yoxsullar, bir sözlə bütün kolonistlər isə İngiltərə tərəfindən istismar edilirdi. Kolonistlər İngiltərəyə satmaq üçün tütün əkirdilər, amma tütünün qiymətini ingilislər müəyyənləşdirirdi. Hər il İngiltərə kralı Virciniya koloniyasından böyük qazanc əldə edirdi.

Virciniyada yaşayan bir çox insan üsyanı dəstəklədi. Qubernator Berklinin şurasından bir üzv üsyançıların koloniyanın idarəsini kraldan alıb öz əllərinə keçirmək istədiklərini dedi. Başqa biri də Bekon üsyanının əsl səbəbinin hindularla olan problemlər olduğunu iddia etdi. Lakin zənginlərin sərvətinə ortaq çıxa bilmək üçün kasıblar da üsyana qoşulmuşdular. Bəs bu qiyamçılar əslində kim idi?

Aşağı Təbəqə

Bekon üsyanına qoşulan nökərlər, əsasən, aşağı təbəqəyə mənsub yoxsul ağlar idi. Onlardan canını qurtarmaq istəyən hökumətləri sayəsində İngiltərə və Avropa şəhərlərindən Şimali Amerika koloniyalarına gəlmişdilər. Məsələn, İngiltərədə torpaq qanunlarındakı dəyişikliklər şəhərdəki bir çox fermeri yoxsul və evsiz qoymuşdu. Yoxsulları cəzalandıran, onları iş yerlərinə həbs edən, ya da ölkədən getmələrini təmin edən yeni qanunlar qüvvəyə mindi. Beləliklə, yoxsulların bir hissəsi Amerikaya getmək üçün evlərini tərk etmək məcburiyyətində qaldılar. Digərlərini Amerikaya çəkən isə ümid və orada daha yaxşı bir həyat yaşayacaqlarına dair verilən yalan vədlər idi.

Amerikaya gedən əksər yoxsullar müqaviləli nökər halına düşdü. Çünki Amerikaya edəcəkləri səfərin xərclərini qarşılamaq üçün bir ağanın yanında beş və ya yeddi il işləyəcəklərinə dair əmək müqaviləsi imzaladılar. Müqaviləni imzaladıqdan sonra da, əsasən, qaçmamaqları üçün əsir edildilər.

İngiltərə ya da Avropadan Amerikaya səfər səkkiz, ya da on iki həftə çəkirdi. Hava şərtləri pis olanda səfər daha da uzanırdı və sərnişinlər ərzaqsız qala bilirdi. Amerika koloniyalarında nökər olaraq işləmək üçün səfərə çıxan yoxsullar gəmidə çirkli və basırıq küncələrə sıxışdırılmışdı. Onların hamısı bu səfərdən sağ çıxa bilmirdi. 1750-ci illərdə Almaniyadan Amerikaya səfər edən Qottlie Mittelberqer adlı musiqiçi etdiyi dəhşətli dəniz səfərini belə dilə gətirirdi:

“…Səfər boyu gəmi müsibətin acınacaqlı işarələrilə dolu idi -qoxu, duman, qorxu, qusma, müxtəlif dəniz xəstəlikləri, qızdırma, dizenteriya, başağrısı, qızdırma, qəbizlik, çiban, sınqa, xərçəng, dişlərin çürüməsi… Bütün bunlara da ərzaq qıtlığı, aclıq, susuzluq, isti, rütubət, səfalət və qəzəb əlavə olunmuşdu… Səfər zamanı tufana düşdüyümüz bir gün qeyri-kafi tibbi yardım səbəbilə heç cürə doğa bilməyən qadın gəminin pəncərəsindən dənizə atıldı…”

Amerikaya çatanda müqaviləli nökərlər qullar kimi alınıb satılırdı. 28 Mart 1771-ci ildə “Virciniya Qəzeti” belə yazırdı: “Justitia gəmisi yüzə qədər sağlam kişi, qadın və uşaq nökər ilə limana yanaşdı… Satış 2 Aprel, Çərşənbə axşamı günü baş tutacaq”.

Şimali Amerikaya gələn mühacirlərin yarıdan çoxu nökər idi. On yeddinci əsrdə gələnlərin çoxu ingilis, on səkkizinci əsrdə gələnlərin çoxu isə irland və alman idi. Gələnlərin əksəri Amerika koloniyalarında həyatın onların xəyal etdiyindən daha da pis olduğunu görürdülər.

Döymək və qırmanclamaq cəzalandırma geniş yayılmışdı. Qadın nökərlərə təcavüz edilirdi. Ağalar nəzarət məqsədilə başqa metodlara da əl atırdılar. Əcnəbilər azad olduqlarını sübut etmək üçün sənədlərini göstərməli idilər. Koloniya hakimləri bir koloniyadan digərinə qaçanların geri verilməsi barəsində razılığa gəldilər. Bu razılaşma daha sonra Amerika Konstitusiyasının maddələrindən birinə çevrildi.

Plantatorlar nökərlərıi üsyanından qorxurdu. Bekon üsyanından sonra ingilis əsgərlər gələcəkdə problem törədə biləcək insanlara qarşı Virciniyada qaldılar. O dövrə aid bir hesabatda “Virciniyanın çox yoxsul və sıx” bir yer olduğu yazılırdı. Yazıçı həmçinin bir çox insanın, nökərlərin paltar kimi zəruri ehtiyaclar üçün qiyam edəcəklərindən qorxduğunu qeyd edirdi.

Qaçmaq üsyandan daha asan idi. “Amerikanın İlk İllərində İdarəetmə və Əmək” adlı bir kitab yazan tarixçi Riçard Morris dövrün mətbuatını nəzərdən keçirtdikdə bəzən qrup şəklində, bəzən də tək qaçan nökərlərə aid bir çox xəbər tapdı. Qaçma-yanlar isə tətil edərək işləməkdən imtina edirdilər. 1663-cü ildə Merilənddə bir plantator nökərlərin “günlük işlərini” görmədikləri şikayəti ilə məhkəməyə müraciət etdi. Nökərlər isə özlərinə sadəcə paxla və çörək verildiyi üçün işləyə bilməyəcək qədər gücsüz olduqlarını dedilər. Məhkəmə nökərləri otuz qırmancla cəzalandırdı.

Getdikcə daha çox nökər qaçmağa davam edirdi, onların yerini qullar tutmağa başladı. Bəs azadlığına qovuşan nökərlərə nə oldu? Cəsarət verici hekayələr köhnə nökərlərin bir sərvət yığdıqlarını, ya da plantator olaraq cəmiyyətdə etibar qazandıq-larından bəhs edir. Fəqət “Əsir Kolonistlər” adlı kitabında tarixçi Ebbot Smit, demək olar ki, koloniyalardakı zəngin və əhəmiyyətli heç bir adamın nökərlikdən gəlmədiyini, sadəcə bəzilərinin keçmişdə nökər olduğunu yazır.

Zənginlər və Yoxsullar

Sinifləri müəyyənləşdirən xətlər koloniya dövründə daha da aşkara çıxdı. Zəngin və yoxsul arasındakı fərq daha da kəskinləşdi. Hələ Massaçusets Bey koloniyasının ilk illərində, 1630-cu ildə qubernator Con Vintrop “həmişə bəziləri zəngin, bəziləri yoxsul olmağa məhkumdur” sözləri ilə koloniya liderlərinin düşüncəsini ümumiləşdirirdi. Koloniya liderləri pul və vəzifə sahibi kişilər idi. Şimali Amerika cəmiyyətinin az sayda insanın torpağı və sərvəti idarə etdiyi İngiltərə kimi olmasını istəyirdilər.

Koloniya əraziləri on səkkizinci əsrdə daha da sürətlə genişləndi. 1700-1760-cı illəri arasında əhali 250 000-dən 1.5 milyona çatdı. Əkinçilik, dənizçilik və ticarət genişləndi. Kiçik fabriklər quruldu. Boston, Nyu-York, Filadelfiya və Çarlestaun bu illər ərzində iki, hətta üç qat böyüdü.

Bütün bu inkişaf müddətində yuxarı təbəqə imtiyazların çoxunu və siyasi gücü əlində tutdu. Məsələn, 1770-ci ildə Bostonda ən çox mülkə sahib olan 1%-lıq hissə ümumi sərvətin 44%-ni əlində cəmləşdirmişdi.

Zəngin tacirlər özlərinə imarətlər tikdirirdilər. Yuxarı təbəqənin insanları öz portretlərini çəkdirir, nökərlər ya da qullar tərəfindən dartılan faytonlarda ya da oturacaqlarda səyahət edirdilər. Bu zaman yoxsullar həyatda qalmaq, ya da donmamaq üçün çırpınırdı. Yoxsulların sayı getdikcə artırdı. 1730-cu illərdə insanlar qurumlardan “küçələrdə dilənçilik edərək əziyyət çəkən insanları” bir yerdə saxlamaqlarını tələb etdilər.

Şəhərlərdə yaşlılar, dullar, şikəstlər, yetimlər, işsizlər və köçkünlər üçün kasıbxanalar qurulurdu. Qısa müddətdə kasıbxanalar artıqlaması ilə doldu. 1748-ci ildə Filadelfiyadan olan bir vətəndaş belə yazırdı: “Bu qış dilənçilərin sayında nəzərə çarpacaq dərəcədə artış var”. Doqquz il sonra Bostondakı rəsmilər ailələrini təmin etməkdə çətinlik çəkən “çoxlu kasıb”dan bəhs edirdilər.

Bu dövrdən bəhs edən ənənəvi tarixə görə kolonistlər İngiltərəyə qarşı mübarizədə birləşmişdi. Ancaq koloniyalarda da münaqişələr davam edirdi. Bu gərgin şəraitdə qullarla azad insanlar, nökərlərlə ağalar, yoxsullarla zənginlər arasında iğtişaşlar baş verirdi.

1713-cü ildə Bostonda qıtlıq başladı. Şəhərdəki qıtlığa rəğmən Andrey Belçer adındakı zəngin bir tacir daha qazanclı olduğu üçün taxılını Karib adalarına satmışdı. İki yüz nəfərlik bir qruplaşma qiyam edərək yemək axtarmaq məqsədilə Belçerin anbarına girdilər və onları dayandırmağa cəhd edən qubernator müavinini vurdular. Daha sonra başqa bir Boston qruplaşması şerifi döydü və icbari əsgərliyə etiraz etmək üçün qubernatorun evini mühasirəyə aldı. 1747-ci ildə bostonlular zəngin bir tacir və dövlət məmuru olan Tomas Hatçinsonun özlərinə qarşı ayrı-seçkilik etdiyini düşünürdü. Hatçinsonun evi müəmmalı bir şəkildə, kütlənin alqışları müşayətində yandı.

1740-1750-ci illərdə Nyu-Cerseydəki kasıb fermerlər zəngin plantatorlarla münaqişəyə girdilər. Hər iki qrup da özlərinin torpaq sahibi olduğunu iddia edirdi. Torpaq sahibləri icarə haqqı tələb edəndə fermerlər qiyam qaldırdılar. Bu müddət ərzində İngiltərə çox az gəmi istehsalçısına və tacirə sərvət qazandıran bir neçə müharibəyə qoşuldu. Ancaq əksər koloniya üçün müharibələr yüksək vergi, yoxsulluq və işsizliklə bərabər zənginlərə qarşı daha çox qəzəb doğururdu.

Necə İdarə Etməli

1670-ci illərdə Şimali Amerikadakı Britaniya koloniyalarını idarə edən zəngin elitar təqəbə üç şeydən qorxurdu – hinduların düşmənliyi, qulların üsyanı və yoxsul ağların qəzəbi. Əgər bu üç qrup birləşsəydi, nə olardı?

Bekon üsyanı koloniya liderlərinə hinduları gözardına vurmağın riskli olduğunu göstərdi, çünki koloniyaların sərhədlərində yaşayan ağlar onlarla qarşı-qarşıya gəlirdi. Hindularla müharibə edərək ağların dəstəyini qazanmaq daha yaxşı idi. Koloniya rəhbərləri yoxsulları hindulara düşmən edərək yoxsullar və zənginlər arasında potensial bir sinif qarşıdurmasını da aradan qaldırmağı planlaşdırırdılar.

Bəs qaralar ağlara qarşı hindularla birləşə bilərdimi? Bax bu həqiqətən də bir təhdid idi. 1750-ci illərdə Karoloin bölgəsində iyirmi beş min ağa qarşı qırx min qara qul və altmış min hindu yaşayırdı. Rəhbərlər qaralarla hinduları bir-birinə düşmən etməyə qərar verdi. Qaçan qulları qaytarmaq üçün onlara rüşvət verdilər və azad qaraların hindu torpaqlarına səyahət etməsinə qadağa qoydular. Hindu kəndləri yüzlərlə qaçaq qula məskən olurdu, ancaq qaralar və hindular heç vaxt geniş şəkildə birləşəmədilər.

Digər tərəfdən zəngin cənublu plantatorların ən böyük qorxusu qara qulların və yoxsul ağların Bekon üsyanı kimi başqa bir üsyanda birləşməsi idi. İrqçilik qaralarla ağların birləşməsini əngəlləyirdi. Virciniyadakı quldarlıq məsələsində mütəxəsis olan tarixçi Edmund Morqan “Amerika Quldarlığı, Amerika Azadlığı” adlı kitabında irqçiliyin qaralar və ağlar arasındakı fərqlərlə əlaqəli “təbii” bir amil olmadığını yazırdı. Əksinə ağ liderlər qaralarla bağlı mənfi düşüncələri təşviq etmişdilər. Əgər yoxsul ağlar afroamerikalılara xor baxsalar, birləşmək ehtimalları da az olardı.

Koloniyalar böyüdükcə hakim təbəqə cəmiyyətdə nəzarəti əldə saxlamaq üçün başqa bir yol daha tapdı. Koloniyalardakı hədsiz zəngin və hədsiz yoxsullarla bərabər ağlardan ibarət orta təbəqə də yaranırdı. Bu sinif kiçik əkinçilər, azad fermerlər şəhər və qəsəbələrdə yaşayan sənətkarlardan ibarət idi. Əgər bu orta sinif güclərini tacir və böyük fermerlərlə birləşdirsələr, sərhəddəki yoxsul ağlar, hindular və qara qullar arasında bufer rolunu oynaya bilərdilər. Yuxarı təbəqə orta sinfin sədaqətini qazanmaq məcburiyyətində idi. Bu da orta sinfə bəzi şeylər vermələrini labüd edirdi, ancaq öz sərvət və güclərinə zərər vermədən bunu necə edəcəkdilər?

1760 və 1770-ci illərdə hakim təbəqə çox faydalı bir üsul tapdı. Bu üsul azadlığın və bərabərliyin dili idi. Bu dil İngiltərədən qurtulub müstəqilliyini qazanmaq üçün kifayət qədər ağı birləşdirə bilərdi, təbii ki, quldarlığı və bərabərsizliyi aradan qaldırmadan.

DÖRDÜNCÜ FƏSİL
TİRAN TİRANDIR

1776-cı ildə Şimali Amerikanın Britaniya koloniyalarında-kı bəzi önəmli şəxsiyyətlər bir şey kəşf etdi. Amerika Birləşmiş Ştatı adında bir dövlət yaradaraq torpaqları, zənginliyi və siyasi iqtidarı Böyük Britaniya adına koloniyaları idarə edənlərin əlindən ala biləcəklərinin fərqinə vardılar.

Amerika inqilabına bu nöqteyi-nəzərdən baxsaq, yeni bir dövlət fikrinin dahiyanə olduğunu görərik. Bani Atalar iki yüz ildən uzun bir müddət olduqca yaxşı işləmiş yeni bir milli idarəetmə sistemi yaratmışdılar.

Lakin artıq bu sistem işləmirdi. Nəzarətə ümidsizcə ehtiyac var idi. Koloniyalarda narahatlıq artırdı. 1760-cı illərdə bir neçə koloniyada dövlət çevrilişi məqsədilə on səkkiz üsyan baş vermişdi. Həmçinin Cənubi Karolinadan Nyu-Yorka qədər olan bölgədə qaraların başlatdığı altı böyük, qırx kiçik miqyaslı qiyam baş verdi.

Ancaq 1760-cı illərdə koloniyalarda yerli elita adlandırdığımız bir təbəqə də vardı. Bu elitarların koloniyaları Böyük Britaniya adından idarə edən qubernator, vergi məmurları və digər məmurlarla yaxın münasibəti var idi. İdarəetmədən kənardakı elitarlar isə koloniya mühacirlərinin hörmətini qazanmışdı.

Bu yerli elitarlar koloniyalarda artan məmnunsuzluqdan narahat olmağa başladılar. Mövcud ictimai nizam pozulduğu zaman öz sərvətlərinin və nüfuzlarının zərər görməsindən qorxurdular. Lakin cəmiyyətdəki statuslarını qorumağın bir yolunu tapdılar. Kolonistlərin inqilabi gücünü Britaniya və onun nümayəndələri əleyhinə çevirə bildilər. Bu planlanmış bir qərar deyildi. Əksinə ard-arda baş verən böhranlar bu qərarın formalaşmasına kömək etdi.

Qəzəb və Şiddət

1763-cü ildə ingilislər “Yeddi İllik Müharibə”də (koloniyalarda fransız-hindu müharibəsi adlandırıldı) Fransanı məğlub etdilər. Artıq Fransa Şimali Amerikadakı Britaniya koloniyaları üçün bir təhdid deyildi. Ancaq müharibədən sonra Britaniya hökuməti zəngin təbii sərvətlərə sahib olduğu üçün bu koloniyalardakı nəzarəti gücləndirdi. Britaniyanın müharibəni maliyyələşdirmək üçün koloniyalardan yığılan vergiyə ehtiyacı var idi. Həmçinin koloniyalarla olan ticarət əlaqələri də hər il Britaniyaya böyük qazanc gətirirdi.

Digər tərəfdən koloniyalarda işsizlik və yoxsulluq artırdı. Kasıb insanlar küçələrdə dilənməyə başlayırdılar. Eyni zamanda zəngin plantatorlar bu günün pulu ilə milyonlarla dollarlıq varidata sahib idilər. Çoxlu zəngin və çox az yoxsul var idi.

Çətin həyat şəraiti bəzi kolonistlərin narazılığını artırarkən üsyana da yönəldirdi. Əhalinin sıx yaşadığı şəhərətrafı bölgələrdə yoxsullar və zənginlər arasında gərginlik artmağa başladı. 1740-1760-cı illər arasında Nyu-York və Nyu-Cerseydə kirayənişinlər mülkədarlara qarşı qiyam qaldırdılar.

1776-cı ildə Şimali Karolinadakı ağ fermerlər “Tənzimləyici Hərəkat”ı başlatdılar. Özlərini yoxsul kəndlilər və işçilər kimi tanıdırdılar. Hakimiyyətin ədalətsiz qərarlarına qarşı sadə insanların haqlarını müdafiə etdiklərini iddia edirdilər. Yüksək vergiləri tənqid edirdilər. Borclarını qaytara bilmədikləri üçün tacirlərin yoxsulları məhkəməyə verməsinə qarşı çıxırdılar. Vergilərin toplanmasını əngəlləməyə cəhd etdikləri zaman qubernatorun əsgərləri ilə qarşılaşdılar. 1771-ci ilin May ayında baş vermiş qarşıdurmada ordu top atəşləri ilə minlərlə tənzimçini darmadağın etdi. Altı tənzimçi asıldı.

Bostonda isə aşağı təbəqə şikayətlərini dilə gətirmək üçün qəsəbə məclislərindən istifadə etməyə başlamışdı. Massaçusets qubernatorlarından biri Bostonun yoxsul camaatının bu məclislərə mütəmadi olaraq gəldiklərini yazırdı. “Centilmen”lər və hakim təbəqəyə yaxın olanlardan sayca üstünlükləri var idi.

Bu ərəfədə Bostonda əhəmiyyətli bir dəyişiklik baş verirdi. Ceyms Otis və Samuel Adams kimi Britaniyaya bağlı hakim təbəqədən uzaq, amma yerli elitaya daxil olan bir neçə nəfər bu dəyişikliyə başçılıq edirdi. Otis və Adams kimi liderlər yoxsul bostonluları başa düşürdülər. Təsiredici nitqlər və məqalələrlə xalqın qəzəbini formalaşdırıb yoxsulları hərəkətə keçirdilər.

Britaniya hökuməti 1765-ci ildə “Möhür Qanunu”nu qəbul edərkən Boston qruplaşması nəyə qadir olduğunu göstərdi. Bu qanunla Britaniya hökuməti Yeddi İllik Müharibənin xərclərini qarşılamaq üçün koloniyalardakı əhalini vergiyə cəlb etdi. Kolonistlər müharibə vaxtı onsuz da çox zərər çəkmişdi, üstəlik müharibənin xərclərini ödəmək istəmirdilər. İzdiham zəngin tacir və Britaniyanın nümayəndələrindən biri olan Tomas Hatçinsonun evinə ciddi zərər verdi. Zəngin tacirin evinə baltalarla hücum edən xalq onun bahalı şərablarını içdi, evdəki əşyaları çölə atdı.

Rəsmilər Britaniya göndərdikləri hesabatda Hatçinsonun evinə edilən hücumun digər zənginləri də əhatə edən hücum planının bir parçası olduğunu yazdılar. Bu “zənginlə yoxsul arasındakı fərqi aradan qaldırmağı özünə məqsəd qoymuş bir Qənimət Müharibəsi” olacaqdı. Ancaq bu və bu qəbildən olan çıxışlar Oris kimi yerli liderləri narahat edirdi. Onlar yoxsulların sinfi qəzəbinin özlərinə yox, yalnız Britaniyaya xidmət edən zənginlərə yönəlməsini istəyirdilər.

Bostonlu tacirlər, gəmi sahibləri və sənətkarlardan ibarət bir qrup “Sadiq Doqquzlar” adlı bir qeyri-rəsmi siyasi qrup qurdular. “Sadiq Doqquzlar”ın üzvləri yuxarı və orta təbəqədən idi, ancaq aşağı təbəqədən qruplar, köməkçilər və sənətkarları (qaralar istisna olmaqla) da etirazlarına qoşulmaları üçün təşviq edirdilər. İki- üç min nəfər yerli hakimiyyət nümayəndəsinin evinin qarşısında bir nümayiş keçirdi. Nümayişi təşkil edən “centilmen”lər getdikdən sonra kütlə daha da coşaraq mülkün bir qisminə zərər verdi. Daha sonra liderlər şiddətin yanlış bir şey olduğunu deyib kütlədən üz döndərdilər və üsyançılarla bütün əlaqələrini kəsdilər.

Britaniya hökuməti yenidən koloniyalara vergi tətbiq etmək istədikdə koloniya elitarları xalqı daha çox etiraza təşviq etdi. Lakin bu dəfə Samuel Adams və James Otis kimi liderlər “Hücuma yox-Provokasiyaya yox-Qarışıqlığa (üsyan-tərc.) yox” şüarıla qatı mövqe sərgilədilər. Xalqın Britaniyaya qarşı olan narazılığını göstərməsini, amma “şəxslər və mülklərin” toxunulmazlığını istəyirdilər.

Havadan İnqilab İyi Gəlir

Zaman keçdikcə britaniyalılara qarşı nifrət də artırdı. 1768- ci ildən sonra iki min Britaniya əsgəri Bostona yerləşdirildi. İşsizliyin yüksək olduğu bir vaxtda Britaniya əsgərləri əhalinin işlərini əlindən alırdılar. 5 Mart 1770-ci ildə yerli işçilər və Britaniya əsgərləri arasında Boston Qətliamı adlandırılan bir qarşıdurma oldu.

Əsgərlər işçilərdən ibarət olan kütləyə atəş açdı. Qarşıdurmada Krisps Attaks adlı metis işçi də daxil olmaqla bir çox işçi öldürüldü. Koloniyanın vəkillərindən olan Con Adams səkkiz Britaniya əsgərini məhkəmədə müdafiə etdi. Adams qarşıdurmada öldürülənləri alçaldaraq onlara “tör-töküntü kütləsi” dedi. Əsgərlərin ikisi ordudan qovuldu, altısı isə günahsız hesab edildi. Bu qərar bostonluları daha da hiddətləndirdi. Britaniya isə aranın sakitləşməsi ümidi ilə ordusunu şəhərdən çıxartdı.

Fəqət kolonistlərin qəzəbi azalmadı. Bostondakı siyasi və ictimai liderlər Britaniya qarşı çıxışları planlaşdırmaq üçün “Azadlıq Oğulları” təşkilatını qurdular. 1773-cü ildəki “Boston Çay Qonaqlığı”nı onlar törətdilər. Çaya qoyulmuş vergilərə etiraz edən xalq çay yüklü Britaniya gəmisini ələ keçirdi və Boston limanında dənizə tökdü.

Britaniya bu “Çay Qonaqlığı”na yeni və daha sərt qanunlarla cavab verdi. Boston limanını bağlayaraq koloniya idarəetmə sistemini ləğv etdi və hərbi birliklərini regiona göndərdi. Xalq isə etiraz olaraq kütləvi mitinqlər keçirtdi.

Bəs bu zaman digər koloniyalarda nə baş verirdi? Virciniyada savadlı elitarlar aşağı təbəqənin qəzəbini Britaniyaya yönəltməyə çalışırdı. Bunun üçün güclü natiq Patrik Henridən istifadə etdilər. Henri öz təsirli nitqləri ilə xalqa nə üçün Britaniyaya qarşı çıxmalı olduqlarını izah etdi, amma siniflərarası qarşıdurmadan da çəkindi. Sözlərini vətənpərvərliyə və Britaniyaya qarşı müqavimətə həsr etdi.

Digər nitqləri ilə müqavimət hərəkatının azadlığa doğru yönləndirilməsinə kömək etdi. 1776-cı ildə Tomas Peyn “Sağlam Düşüncə” başlığı altında 50 səhifəlik bir pamflet çap etdi. Cəsurca yazılmış bu pamfletdə ilk dəfə açıq şəkildə koloniyaların Britaniya boyunduruğundan azad olmasının vacibliyi vurğulanırdı.

Peyn Böyük Britaniyaya bağlı qalmanın koloniyalara bir faydasının olmadığını və ayrılmanın bir zərəri olmayacağını iddia edirdi. Pamfletdə Britaniyanın onları məcburən daxil etdiyi müharibələrə, bu müharibələrdə öldürülən insanlara və müharibələrin xərcinə diqqət çəkdi. Pamflet təsiredici bir sonla bitirdi:

“Doğru, ya da məntiqli olan hər şeyi ayırmağın lazımlılığını göstərirdi. Ölülərin qanı, təbiətin səsi “İNDİ AYRILIQ ZAMANIDIR” deyə fəryad edir.”

“Sağlam Düşüncə” koloniyalı Amerikada ən məşhur kitabça oldu. Lakin eyni zamanda Con Adams kimi liderləri də hərətəkə keçirtdi. Bu elitarlar Britaniya ayrılmaq məqsədini dəstəkləyirdilər, amma demokratiyaya doğru bir yönəlmə də istəmirdilər. Adamsa görə xalqın idarəsi məhdud olmalı idi, çünki kütlə tez və düşünmədən qərar verirdi.

Tomas Peyn elit sinifdən deyildi. Britaniya Amerikaya mühacirət edən yoxsullardan biri idi. Lakin inqilab başlayanda özünü aşağı təbəqənin kütləvi etirazlarından ayırdı. Yenə də Peyn “Sağlam Düşüncə”də yazdıqları inqilab əfsanəsinin bir parçası halına gəldi, inqilab birləşmiş bir xalqın hərəkatı idi.

SAĞLAM DÜŞÜNCƏ: AMERİKANIN SAKİNLƏRİNİN DİQQƏTİNƏ

Əhəmiyyətli bəzi mövzular barədə düşüncələr:

1. Ümumi olaraq dövlətin kökü və quruluşu İngiltərə Konstitusiyasına qısa nəzərlə birlikdə;

2. Monarxiya və atadan oğula keçən varislik sistemi;

3. Amerikanın problemlərinin bugünkü vəziyyətinə dair düşüncələr;

4. Müxtəlif cəhətlərlə birlikdə Amerikanın mövcud qabiliyyətləri;

İngilis Tomas Peyn tərəfindən yazılmışdır.

“Sahib(Ağa) tanımıayan insanlar CƏNNƏTin yaradılma-sını qoruyur, ya da onların seçimi və ümumi marağı belə tələb edir.” Tomson

Filadelfiya, Mətbuat və Paylama R.Bell, Üçüncü Küçə, 1776.

Kimin Müstəqilliyi?

Britaniya hökumətinin tətbiq etdiyi hər sərt tədbir xalqı daha da üsyankar edirdi. 1774-cü ildə Qitə Konqresini qurdular. Bu illeqal siyasi qurum və müstəqil bir dövlətə doğru atılan ilk addım idi.

Kolonistlər və Britaniya əsgərləri arasında ilk silahlı qarşıdurma 1775-ci ilin aprelində Leksinqton və Konkord baş verdi. Dərhal sonra Qitə Konqresi Böyük Britaniyadan ayrılmağa qərar verdi. Tomas Cefferson “İstiqlal Bəyannaməsi”ni yazdı. Bəyannamə 2 İyun 1776-cı ildə Konqresdə qəbul edildi və iki gün sonra müstəqillik elan olundu.

Koloniyalar arasında onsuz da güclü bir müstəqillik istəyi vardı. Bəyannamənin giriş cümləsi də bu hissləri dilə gətirirdi:

“Biz bu həqiqətlərin aşkar olduğu düşüncəsindəyik. Bütün insanlar bərabər yaradılmışdır, onları yaradan onlara əvəzsiz haqlar vermişdir ki, bunlara həyat, azadlıq və xoşbəxtliyin davam etdirilməsi daxildir. Bu haqları qorumaq üçün insanlardan qurulan hökumətlər gücünü idarə olunanların razılığından alır. Bu hökumətlərdən biri bu məqsədlərə zərər verərsə, onu dəyişdirmək və ya ləğv etmək və yerinə yeni bir hökumət qurmaq o xalqın haqqıdır…”

Növbəti fəsildə Britaniya kralının ədalətsiz və cəmiyyətə zərərli hərəkətləri sadalanırdı. Peyn idarəetməni tiranlıq, yəni kobud və ədalətdən uzaq olaraq xarakterizə edirdi. Bəyannamə xalqı hökuməti idarə etməyə səsləyirdi. Xalqa Britaniya ucbatından rastlaşdıqları çətinlikləri və problemləri xatırladırdı. İstifadə olunan dil xalqın bütün təbəqələrini bir yerə toplamaq üçün çox əlverişli idi. Bu bir-birilərinə yad olan təbəqələri belə Britaniyaya qarşı birləşdirməyi bacardı.

Ancaq bəyannamə hinduları, qara qulları və qadınları əhatə etmirdi. Hələ iyirmi il əvvəl Massaçusets hökuməti hinduları “üsyankar, düşmən və vətən xaini” kimi günahlandırmış və hər hindunun başına məbləğ qoymuşdu.

Qara qullar bəyannamənin müəllifi üçün mübahisəli bir mövzu idi. İlkin olaraq, Ceffersonun bəyannaməsi Amerikaya qulları yolladığı və koloniyalarda qul ticarətini məhdudlaşdırmağı əngəllədiyi üçün kralı günahlandırırdı. Bəlkə bu ifadə quldarlığa qarşı olan nifrətin bir nəticəsi idi. Bəlkə də qulların üsyan edə biləcəyi qorxusu ilə yazılmışdı. Amma Qitə Konqresi bunu İstiqlaliyyət Bəyannaməsindən çıxartdı, çünki koloniyalardakı qul sahibləri quldarlığa son vermək məsləsində razılaşa bilməmişdilər. Beləliklə, Ceffersonun kölələşdirilən qaralara etdiyi jest inqilabın istiqlaliyyət bəyanından çıxarılmış oldu.

Bəyannamə “bütün kişilər bərabər yaradılmışdır” deyirdi. Böyük ehtimal Cefferson “kişilər” sözünü bilərəkdən qadınları təcrid etmək üçün istifadə etməmişdi. Sadəcə onları bəyannaməyə daxil etməyi düşünməmişdi. Qadınlar siyasətdə görünmürdülər. Siyasi hüquqları yox idi və bərabərlik də tələb etmirdilər.

İstifadə etdiyi dillə İstiqlaliyyət Bəyannaməsi həyat, azadlıq və xoşbəxtliyi ağ kişilərlə məhdudlaşdırırdı. Bəyannaməni yaradan və imazalayanlar o dövrün insanlarından fərqli deyildi. Düşüncələri həmin dövrün düşüncə tərzini əks etdiridi. Biz İstiqlaliyyət Bəyannaməsini əvvəldən axıra kimi araşdırmırıq və nəticə etibarı ilə onun etik çatışmazlıqlarına nəzər sala bilərik. Beləliklə, bəyannamənin bəzi təbəqələri hərəkətə gətirərkən digərlərini necə göz ardı etdiyini görə bilərik. Müasir dövrdə də insanları hərəkətə gətirmək üçün təsiredici sözlərdən istifadə edilir, hətta eyni dil cəmiyyətdəki gərginliklərin üzərini örtür, ya da insan irqinin hamısını göz ardı edə bilir.

İstiqlaliyyət bəyannaməsinin arxasındakı həqiqət koloniyalarda inkişaf edən elitarların Britaniya dəf etmək üçün dəstəyə ehtiyacı olduğudur. Eyni zamanda bu təbəqə mövcud sistemi elə də dəyişdirmək tərəfdarı deyildi. Əslində müstəqillik tələb edənlər oturuşmuş sistemin bir parçası idi. Bəyannaməyə imza atanların üçdə ikisindən daha çoxu Britaniya himayəsində koloniya idarə ediciləri kimi işləmişdi.

Qəzəb dolu İstiqlaliyyət Bəyannaməsi Boston şəhər salonunda Tomas Krafts tərəfindən oxundu. Krafts britaniyalılara qarşı silahlı hərəkatların əleyhinə olan Sadiq Doqquzlar qrupunun bir üzvü idi. Dörd gün sonra Korrespondensiya Komitəsi qəsəbənin kişilərinə yeni vətənpərvərlər ordusuna qeydiyyatdan keçmək çağırışı etdi. Fəqət varlılar bu çağırışa əməl etmək məcburiyyətində deyildi, onlar öz adlarına əsgərliyə getməsi üçün başqasına pul verə bilərdilər. Yoxsulların isə əsgərliyə getməkdən başqa seçimi yox idi. Bu qərar xalqın tənqidlərinə və üsyanına yol açdı:”Tiran tirandır, başda kimin olduğunun əhəmiyyəti yoxdur”.

BEŞİNCİ FƏSİL
İNQİLABLAR

İnqilabi müharibə Böyük Britaniya ilə Şimali Amerikadakı koloniyalar arasında baş vermişdi. İnqilab illərində başqa üsyanlar da oldu. Əsgərlər yüksək rütbəlilərə qarşı çıxırdılar. Hindular köhnə düşmənləri ilə dost oldular və Massaçusetsdəki yoxsul əkinçilər yeni görünümlü Amerika hökumətinə qarşı silahlandılar.

Müharibə və Təhlükəsizlik

Boston qətliamına səbəb olan əsgərləri müdafiə edən massaçusetsli vəkil Con Adams koloniyalarda yaşayan insanların yalnız üçdə birinin inqilab tərəfdarı olduğunu düşünürdü. İnqilab ordusunu araşdıran müasir tarixçilərdən Con Şay ümumi əhalinin təxminən beşdə birinin Britaniyaya qarşı mövqedə durduğunu düşünürdü.

Ancaq koloniyalarda yaşayan, demək olar ki, hər bir ağ kişinin silahı vardı və ondan istifadə edə bilirdilər. İnqilabının liderləri yoxsul kütlələrə etibar etmirdilər, amma Britaniyanı məğlub etmək üçün onların köməklərinə ehtiyacları vardı. Bunun üçün öz tərəflərinə daha çox insanı necə çəkə bilərdilər? İnsanları orduya yazılmağa razı salmağın bir yolu da əsgərliyi qiymətləndirmək idi. Aşağı təbəqədən kişilər yüksəlmək, pul qazanmaq və cəmiyyətdə daha yaxşı bir mövqe tutmaq ümidi ilə orduya qoşulurdular.

Tarixçi Şay inqilab illərində yoxsulların “ən çox döyüşüb ən çox zərər çəkən təbəqə” olduğunu gün işığına çıxardı. Bu insanların hamısı könüllü deyildi. Sadəcə bir neçə il əvvəl kolonistlər xalqı donanmaya qoşulmağa məcbur etdikləri üçün britaniyalılara qarşı qiyam qaldırmışdı. Lakin müstəqillik müharibəsinin baş verdiyi illərdə, 1779-cu ildə Amerika donanması da eyni sistemdən istifadə etmişdi.

Amerikalılar Banker Hill və Burklin Haytsda olan ilk toqquşmalarda məğlub oldular. Trenton və Prinstonda kiçik zəfərlər qazandılar. Sonradan Nyu-Yorkun Saratoqa bölgəsində 1777- ci ildə böyük bir qələbə əldə etdilər. Corc Vaşinqtonun ordusu Pensilvaniyanın Forc vadisində düşmənə müqavimət göstərdiyi vaxtda Bencamin Franklin kömək istəmək üçün Fransada idi. Britaniya Fransanı Yeddi İllik Müharibədə məğlub etmişdi və Fransa intiqam almaq istəyirdi. Beləliklə, Fransa Amerika tərəfdən müharibəyə qoşuldu.

Müharibə cənuba doğru irəlilədi. 1781-ci ildə iki ordu Virciniyanın Yorktaun bölgəsində qarşılaşana qədər britaniyalılar ard-arda zəfərlər qazandılar. Geniş bir Fransa ordusu ilə bərabər britaniyalıların ərzaq və əsgər tədarükünü əngəlləyən fransız donanmasının köməyilə amerikalılar bu son müharibədə qələbə qazandılar. Beləcə müharibə sona çatdı.

Müharibə ərzində zəngin və yoxsul amerikalılar arasında fikir ayrılıqları oldu. Zənginlər Qitə Konqresini idarə edirdilər. Zənginlərin eyni zamanda bir-biriləri ilə nigah, qohumluq və ticari əlaqələri də var idi və bir-birilərini müdafiə edirdilər.

Konqres müharibədən sağ çıxan hərbi mütəxəssislərə ömürlərinin sonuna kimi əsgərlikdə aldıqlarının yarısı məbləğində maaş kəsilməsi barədə olan təklifi qəbul etdi. Bu qərarda heç bir ödəniş almadan vuruşan sıravi əsgərlər nəzərə alınmırdı. 1781-ci ilin ilk bazar günü Pensilvaniyada bəzi hərbi birliklər qiyam qaldırdı. Zabitlərdən birini öldürüb digərlərini yaraladılar və bir top ilə birlikdə Filadelfiya və Konqresə doğru irəlilədilər. Nəticədə ordunun komandiri Corc Vaşinqton qiyamçı əsgərlərlə razılaşma əldə etdi.

Qısa bir müddət sonra Nyu-Cerseydə əsgərlər yenə qiyam qaldıranda Vaşinqton daha sərt rəftar etdi. Təşkilatçılardan ikisinin öz dostlarından ibarət bir qrup tərəfindən güllələnməsini əmr etdi. Tətiyi çəkəndə bütün heyət ağlayırdı. Vaşinqton bunun bir “nümunə” olduğunu dedi.

Əslində əsgərlərin qiyamı kimi hadisələrə nadirən rast gəlinirdi. Qiyamlar orduda olmayanlar üçün daha asan idi. Altı koloniyada vətəndaş itaətsizliyi şiddətləndi. Böyük Britaniyaya qarşı savaşanda da bu koloniyaların bəzilərində qarışıqlıq hakim idi.

Cənubdakı koloniyalarda aşağı təbəqə inqilaba qoşulmaq istəmədi. Müharibənin onlarla bir əlaqəsinin olmadığını düşünürdülər. Koloniyalar Britaniyaya qarşı müstəqillik əldə etsələr də, yenə siyasi elita tərəfindən idarə olunacaqlardı.

Vaşinqtonun cənubdakı generalı Nafanil Qrin Tomas Ceffersona yazdığı məktubda əsgərlərinin Britaniyaya sadiq qalan kolonistlərin necə öhdəsindən gəldiyini belə izah edirdi: “Yüzdən çoxu öldürüldü və yerdə qalanlar bir-birindən ayrı salındı”. Ona görə bu hadisə inqilabı dəstəkləməkdən çəkinən insanlarda “xoşbəxt bir təsir” yaratmışdı.

İcarədar əkinçilər müharibə ərzində təhdidkar bir gücə çevrildilər. Bu əkinçilər zəngin mülkədarlara sahiblərinə icarə haqqı verirdilər. İcarə haqqını verməkdən imtina etdiklərində İnqilab Hökuməti üsyan etməklərindən qorxdu. Buna görə də hökumət Britaniyaya sadiq qalan elitarların torpaqlarını müsadirə edərək bir hissəsini icarədarlara satdı. Bu yeni torpaq sahibləri artıq icarə haqqı verməyəcəklərdi. Ancaq indi də torpaq almaq üçün onlara kredit verən banklara borclanmışdılar.

Eyni şəkildə müsadirə olunan bir çox mülk inqilabçı liderləri və dostlarını zənginləşdirdi. İnqilab koloniya liderlərinə Britaniyaya sadiq qalanlardan alınan iqtidar və mülkü öz əllərinə keçirtmək imkanı verdi. Kiçik torpaq sahibləri üçün də inqilabın bəzi faydaları oldu. Ancaq inqilab ağ işçi sinfi və kirayəşin fermerlər üçün elə də çox dəyişiklik gətirmədi.

İnqilabdakı Hindu və Qaralar

Britaniya və Fransa arasındakı Yeddi İllik Müharibədə Şimali Amerikadakı hinduların çoxu fransızlar tərəfdən vuruşmuşdular. Fransızlar ticarətlə məşğul olurdu və hinduların torpaqları ilə maraqlanmırdılar, fəqət, ingilislər yaşamağa yer istəyirdi.

Yeddi İllik Müharibə bitdikdən sonra fransızlar hindu müttəfiqlərinə əhəmiyyət vermədən Ohayo vadisindəki fransız torpaqlarını Britaniya verdilər. Hindular Ohayoda ingilislərə hücum etdi və ingilislər də bir əks-hücumla buna cavab verdilər. İngilislərin bu müharibədə istifadə etdikləri silahlardan biri də bioloji idi. Xəstəxanalardan götürülən yorğanları öldürücü çiçək xəstəliyinə yoluxmaları ümidi ilə hindulara verdilər.

Ancaq ingilislər heç cürə hinduların iradəsini qıra bilmədi və sonda, 1763-cü ildə sülh müqaviləsi bağladılar. Britaniya Appalaç dağlarının qərbindəki ərazini hindu bölgəsi elan etdi. Kolonistlərin bura köç etməsini qadağan etdi. Bu da ağ sakinləri əsəbləşdirdi. İngilislərə qarşı çıxmaq üçün onlara daha bir səbəb verdi. Bu vəziyyət inqilab zamanı nəyə görə hinduların keçmiş düşmənləri İngiltərənin lehinə vuruşduqlarını izah edir. Müharibədən sonra ingilislər gedəndə amerikalılar hinduları öz torpaqlarından çıxara və istəsə öldürə də bilərdilər.

Qara qullar isə müharibədə hər iki tərəfin yanında iştirak edirdi. Azadlıq axtarışındakı qaralar İnqilab Ordusuna qoşulmaq istəyirdilər. Corc Vaşinqton onların tələbini rədd etdi. Nəticədə cəmi beş min qara inqilabçıların yanında orduda iştirak etdi. Mindən çoxu isə ingilislər üçün döyüşdü.

Fəqət inqilab ağ cəmiyyətdən daha çox şey tələb etmək məsələsində bəzi qaraları cəsarətləndirdi. Misal üçün, 1780-ci ildə Massaçusetsdə yaşayan yeddi qara qanunverici orqandan səs vermək haqqını tələb etdi. Amerikalıların özlərini idarə edə bilməsi uğrunda apardıqları bir müharibədən çıxdıqlarını və qaralardan da çox insanın inqilabi məqsədlə döyüşdüyünü qeyd edirdilər.

Quldarlıq müharibədən sonra şimal ştatlarında yavaş-yavaş aradan qalxırdı. 1810-cu ildə şimalda təxminən otuz min qul vardı. On il sonra hələ də ancaq min nəfər qul kimi yaşayırdı. Şimaldan fərqli olaraq, cənubda düyü və pambıq tarlalarının genişlənməsilə birlikdə quldarlıq də artdı.

Fermerlər Üsyan Edir

İnqilab ərəfəsində bəzi ictimai qaydalar Amerika koloniya-larından çoxdan müəyyənləşdirilmişdi. Hinduların cəmiyyətdə yeri yox idi. Qaralarla ağlar bərabər deyildi. Zəngin və nüfuzlu insanlar siyasəti və iqtisadiyyatı idarə edirdi. Müharibədən sonra inqilabçı liderlər bu qaydaları yeni xalqın qanunlarına çevirdilər.

Bir qrup lider 1787-ci ildə Birləşmiş Ştatların konstitusiyasını yazmaq üçün Filadelfiyada görüşdülər. Üsyan qorxusu görüşə kölgə salırdı. Belə ki, bir il əvvəl fermerlərin başlatdığı Şeys üsyanı Massaçusetsin qərbini döyüş meydanına çevirmişdi.

Massaçusetsdə qəbul olunan ştat qanunları səs vermək haqqını mülk sahiblərinə verirdi. Kifayət qədər torpağı olmayanlar səs verə bilməyəcəkdi. Həmçinin yalnız çox varlı insanlar rəsmi vəzifələri tuta bilərdi. Banklara borclanan fermerlər qanun yaradanların onlara kömək etməməsinə qəzəblənmişdi.

Pluq Coqqer adlı kəndli bir yığıncaqda rəhbərliyin onunla pis rəftarından və buna qarşı nə etmək istədiyindən belə bəhs edirdi:

“Əməlli-başlı istismar edildim, müharibədə boynuma qoyulandan daha çoxunu vermək məcburiyyətində qaldım: sinif vergisi, qəsəbə vergisi, bölgə vergisi, qitə vergisi və digər bütün vergilərdən məsul tutuldum… Şerif, polis və vergi məmurları tərəfindən çək-çevirə salındım (süründürüldüm) və inəklərim çox ucuz qiymətə satıldı… Böyük adamlar sahib olduqlarımızın hamısını alacaqlar və, məncə, indi bunlara son vermək üçün üsyan etməyin vaxtı yetişib, artıq nə məhkəmə, nə şerif, nə vergi məmuru, nə də vəkil istəyirəm…”

Narahatlıq keçirən fermerlərdən bəziləri Qitə Ordusunun qaziləri idi. İnqilab uğruna döyüşmüşdülər, ancaq müharibə bitdikdən sonra vəd edilən maaşlarını ala bilməmişdilər. Borcları var idi, amma pulları yox idi. Məhkəmələr heyvanlarını və torpaqlarını müsadirə etməyə qərar verəndə bu qərara etiraz etdilər. İzdihamlı silahlı fermer qrupları məhkəməyə yeriyərək qərarın icrasına mane olurdular. Fermer qrupları həbsxanalara hücum edərək borclarına görə məhkum edilən fermerləri azadlığa buraxdılar.

Massaçusetsin siyasi liderləri həyəcan təbili çaldı. Bostonda Britaniya hökumətinə qarşı çıxan Samuel Adams indi insanların qanunlara riayət etməsində təkid edirdi. Qrinviç qəsəbəsi xalqı çox keçməmiş belə bir cavab verdi: “Siz Bostondakılar, pul yiyəsi sizsiniz. Amma biz deyilik. İnqılab zamanı siz də qanunları pozmamışdınız?”

Daniyel Şeys inqilabi hərəkat başlayanda yoxsul bir fermer işçisi idi. Orduya yazılıb Leksinqton, Banker Hill və Saratoqada döyüşdü. Pulunu ala bilmədiyi üçün 1780-ci ildə ordunu tərk etdi. Evə qayıdanda borclarına görə onu məhkəməyə vermişdilər. Başqalarının da eyni şeylərlə qarşılaşdığını gördü. Hətta borclarını verə bilməyən bir xəstə qadının yatağının müsadirə olunduğunun şahidi olmuşdu.

Massaçusets Ali Məhkəməsi fermer üsyanının liderlərini günahkar hesab etdikdə Shays əksəriyyəti müharibə qazilərindən ibarət olan yeddi yüz silahlı fermeri təşkilatlandırdı. Qrup Sprinqfilddəki məhkəmə binasına doğru irəliləyərkən digərləri də onlara qoşuldu. Hakimlər məhkəməni yarıda saxlamağa məcbur qalmışdı.

Fermerlər təzyiq göstərməyə davam edirdilər. Ancaq çətin qış şəraiti məhkəmə binalarına etdikləri səyahətləri əngəlləməyə başladı. Şeys min nəfər ilə Bostona doğru yürüş həyata keçirərkən qar çovğununa düşdülər və qrupdan biri donaraq öldü. Bu arada bostonlu tacirlər də fermerlərə qarşı muzdlu əsgər tutmuşdular. Əsgərlər say etibarilə üstün idi və üsyançılar qaçmağa məcbur qaldılar. Şeys Vermonta qaçdı. Silahdaşların-dan bəziləri təslim oldu, bəziləri isə qarşıdurmada öldü. Digərləri isə samanları yandırmaq, ya da komandirin atını öldürmək kimi çarəsiz hərəkətlər edirdilər.

Tutulan üsyançılar məhkəməyə çıxarıldı. Şeys sonradan əvf edilsə də, bir çox adam ölümə məhkum edildi. Sam Adams Britaniya kralına qarşı özünün də iştirak etdiyi üsyan ilə fermerlərin üsyanı arasında ciddi fərqlər olduğunu iddia edirdi. Adamsa görə krala qarşı çıxmaq əvf edilə bilər, ancaq “cümhuriyyətin qanunlarına qarşı gələnlər ölümlə cəzalandırılmalı idi”.

Tomas Cefferson daha fərqli düşünürdü. Ona görə bunun kimi üsyanlar cəmiyyət üçün faydalı idi. Cefferson “arada olan kiçik üsyanların yaxşı bir şey olduğunu düşünürəm… Bu hökumətin sağlamlığı üçün təsirli bir dərman kimidir” deyə yazırdı.

Ancaq ölkənin siyasi və iqtisadi liderləri Cefferson ilə eyni düşüncədə deyildi. Üsyanın yayılmasından və yoxsulların zənginlərin mülklərinə göz dikməklərindən qorxurdular. Amerika Konstitusiyasını yazanlar da bu qorxunu duyurdu.

1.Aborigen-yerli, yerli mənşəli. Hər hansı bir ölkənin ilk sakinlərinə verilən ad. (red.)
2.İngilis dilindən tərcümədə orijinallığı pozmamaq məqsədilə ağdərili və qaradərili insanlara qısaca ağ (white people) və qara (black people) insanlar kimi tərcümə etmişik. Qaradərili insanlara zənci yazmamağımızın səbəbi isə “zənci” (negro) ifadəsinin Amerikada təhqir kimi qəbul olunmasıdır. (tərc.)
3.İlk zamanlarda İngiltərədən Amerikaya insanları qulluqçu kimi gətirirdilər və onlara şərti olaraq “ağ qul” deyilsə də, rəsmi statusları “servant” idi. “Servant” sözünün Azərbaycan dilində qarşılığı kimi nökər sözündən istifadə edəcəyik.Lakin bu bilinməlidir ki, koloniyalarda nökərların rəsmi statusu qara qullar ilə bizim başa düşdüyümüz müasir xidmətçilərin arasında idi. Nökərları tacirlər İngiltərədən öz pulları ilə gətirir və Amerikada bir ailəyə satırdılar. Bu borcun müqabilində isə nökərlar 7-4 illik müddətə pulsuz olaraq öz ağaları üçün çalışmalı idilər və 7-4 ildən sonra onlara pay torpaqla bərabər azadlıq da verilirdi. Qara qullardan fərqli olaraq ağa nökərı öldürə bilməzdi.
4.Qaçaq qullar meşələrdə gizlin və əsasən də, bataqlıqlarla əhatələnmiş quru hissələrdə özlərinə məskən salırdılar ki, bu da “Maroon” adlanırdı. İspancadan “cimarrón”, yəni “fərari, qaçaq, dağların üstündə yaşayan” anlamını verir (cima-zirvə, üst).
5.Milisiya-İctimai asayişi və əmniyyəti qoruyan inzibati orqan. (red.)

Bepul matn qismi tugad.

11 944,02 s`om
23 888,03 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
250 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Alatoran yayınları
Yuklab olish formati:

O'xshash kitoblar