Hajm 22 sahifa
Afori̇zmlər
Kitob haqida
Aforizmlər ədəbiyyatın ən çətin sahəsidir. Çünki aforizmdə yazar bəzən bir və ya iki cümlə ilə böyük bir əsərin ideyasını ifadə edir. Və maraqlı aforizmlər sonralar atalar sözləri kimi insanların dilinin əzbəri olur. İnsanlar bu aforizmlərdən çox bəhrələnirlər. Mən dünyada çoxlu yazıçılar, filosoflar, dövlət xadimləri və başqa peşə sahibləri tanıyıram ki, onların yazdığı aforizmlər dünya xalqlarının sevə-sevə oxuduğu və öz həyatında tətbiq etdiyi qızıldan qiymətli fikirlərdir. Ona görə də aforizm yazmağa hər yüksək təfəkkürlü insan çox vaxt cürət etmir, çünki bu işin məsuliyyətini başa düşür. Deməli, aforizm yazmaq niyyətində olan yazar çox böyük təfəkkürə, dərin ağla, yüksək müşahidəyə və həddindən artıq böyük fəlsəfi duyuma malik olmalı, eyni zamanda çoxlu aforizm və atalar sözləri oxumalı, çoxlu əsərlər mütaliə eləməlidir ki, onun yazdığı aforizmlər başqasına məxsus olmasın. Bu da yazardan orijinal düşüncə tələb edir. Qarşımda yaxından tanıdığım Hümbət Həsənoğlunun “Aforizmlər” kitabı var. Böyük həvəslə oxudum və bir daha Hümbət Həsənoğlunun ağlına, təfəkkürünə, dərin fəlsəfi düşüncəyə malik olmasına heyran oldum. Bundan əvvəl mən onun “Statusman” və “Kəpənək xoşbəxtliyi” adlı bir-birindən maraqlı iki kitabını oxumuşam. İlk olaraq onu vurğulayım ki, «statusman» sözü ədəbiyyat aləmində yeni sözdür. Bu sözü də, əlbəttə, orijinal düşüncə tərzinə malik olan müəllif özü düşünüb tapıb. Bir vaxtlar o, ikiqat dolmanı – “Sumqayıt” dolmasını yaradanda və bu dolma beynəlxalq müsabiqələrdə gümüş və qızıl medallar alaraq layiqli yerlər tutub Azərbaycan mətbəxinə yeni təam kimi düşəndə də ilk olaraq bu icadı çox adam qəbul etmirdi. Amma bu gün “Sumqayıt” dolması azərbaycanlıların ən sevdiyi yeməklərdən biridir. Bu icadı və tapıntısı ilə Hümbət Həsənoğlu (Quliyev) həmin vaxt ermənilərə sübut etdi ki, dolma azərbaycanlıların milli yeməyidir. Artıq UNESCO da dolmanın məhz Azərbaycan mətbəxinə məxsus bir yemək olduğunu təsdiqləyib.