Kitobni o'qish: «Uzaq sahillərdə»
İmran Qasımov
Həsən Seyidbəyli
UZAQ SAHİLLƏRDƏ
Roman
Birinci fəsil
Yanvar ayının bazar günlərindən birində Triyest şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda böyük kağız topası olan bir qoca kişi veyllənirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə vardı. Qoca əriyib horraya dönmüş qarı yırtıq ayaqqabıları ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında dayandı. Vedrədən fırçanı çıxarıb, hasarın daşlarını yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini ora yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki, “Mixaylo” ləqəbi ilə məşhur olan partizanın tutulması üçün yüz min marka mükafat təyin edilir.
Bir az sonra camaat elanın qarşısına toplaşmağa başladı. Təəccüblü səslər eşidildi:
– Yüz min, paho!
– Nə az, nə azacıq!..
– Görəsən, bu “Mixaylo” onlara nə eləyib?
– Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına yaman soğan doğrayıb!
– Gör, kisələrinin ağzını necə açıblar!
Elan yapışdıran qoca, adamları laqeyd nəzərlərlə süzüb yoluna davam etdi. Bir azdan bu elanlara hər yerdə rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə, evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə, hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara belə yapışdırılmışdı.
Triyest əhalisi elanların qarşısında toplaşaraq, bu naməlum adamı – “Mixaylo”nu təsəvvürlərində canlandırmağa çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə adamdır?.. “Mixaylo”nun elanda göstərilmiş nişanələri təxmini idi: “Ortaboylu, qarabuğdayı, enlikürək, qaragözlü, göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu…”
Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki, hitlerçilər şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni şəhərlər fəth edirlər. “Mixaylo” haqqındakı elan isə bu xəbərin saxtalığını sübut edirdi.
– Bir halda ki, faşistlər… hm… şərq cəbhəsində belə “müvəffəqiyətlə” hücuma keçiblər, görəsən, nə üçün bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? Elə bu “Mixaylo”nu götürün, – deyə arıq bir qoca kinayə ilə gülümsəyərək, gözlərindən yorğunluq yağan bəstəboy bir kişidən soruşdu (görünür, onlar tanış idilər).
– Düzdür, – deyə qonşusu onunla razılaşdı. – Adam bilmir, nəyə inansın. Onların məlumatlarınamı, yoxsa elana. Öz aramızdır, mən radioda qulağımla eşitmişəm ki, ruslar almanları yaman sıxışdırıblar…
Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı, tanışına tərəf əlavə etdi:
– Keçən həftə “Suzana” qəsəbəsində alman kinoteatrını partladıblar. Deyirlər, səkkiz saat yalnız meyit daşıyıblar… Kişi istəyirəm ki, bu xəbərə inanmasın.
– Bu, “Mixaylo”nun işidir, – deyə arıq kişi qorxuqarışıq sevinclə pıçıldayıb, yenə də nəzərlərini elana zillədi. – Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!
– Yoxsa siz onu tapmaq fikrinə düşmüsünüz? – deyə qoca soruşdu. Onun səsində gizli hədə duyuldu.
Qonşusu gülümsündü və pıçıltı ilə dedi:
– Eh, kaş tapaydım…
Qoca daha da şəkləndi:
– Tapsaydın, neylərdin?
– Heç nə. Onun əlini möhkəmcə sıxardım.
Səliqə ilə geyinmiş bir alman zabiti, həmin elanlardan birinə yanaşdı. O, şinelinin yaxasını açıb, yan cibindən dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini tələsmədən köçürməyə başladı.
– Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab ober-leytenant, – deyə arxa tərəfdən yaxınlaşan, leylək kimi uzun və arıq bir zabit gülümsündü.
Ober-leytenant başını döndərmədən cavab verdi:
– Niyə də qazanmayım, cənab leytenant? – O, dəftəri büküb cibinə qoyduqdan sonra geri çəkildi.
Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini güclə tərpədərək soruşdu:
– Q…qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim leytenant olduğumu nədən bildiniz?
– Belə yerdə arxadan da görməyi bacarmaq lazımdır. – Ober-leytenant, leytenantın çiynindəki poqonların əksini elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə də, üzə vurmayıb, ciddi bir tövrlə əlavə etdi, – Bunu unutmayın.
Leytenant küt bir hərəkətlə qaşlarını dartdı və “Hayl Hitler!” – deyib uzaqlaşdı.
Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi əks etdirirdi.
O, 25 yaşlarında, ortaboylu, enlikürək bir oğlan idi. Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər kimi qara gözləri, düz burnu və çənəsində balaca bir çuxur vardı, bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş əlamətlərə uyğun gəlirdi: əgər o öz sifətinə soyuq və təkəbbürlü bir ifadə verməsəydi, yəqin ki, yoldan keçənlərin çoxu ondan şübhələnərdi.
Ober-leytenant əsnəyib, ətrafına göz gəzdirdi.
Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların lülələri göyə dikəlmişdi.
Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında “Ekzaltsyor” mehmanxanası və qubernatorun evi diqqəti cəlb edirdi.
Yanvar ayları üçün nadir olan xoş və ilıq bir hava vardı. Yeni şəhərin asfaltlı hamar küçələri, köhnə şəhərin isə əyri-üyrü döngələri, uçuq daxmaları, Opçina adlı şəhər kənarını mərkəzlə birləşdirmiş funikulyor, müxtəlif dövrlərin memarlıq üslubunun insanı heyrətə gətirən qotik qüllələrlə yanaşı Roma kapitelyaları, ən müasir modern üslubun kubik formaları ilə yan-yana durmuş Bizans tağları və qədim xristian bazilikasının qarışığından yaranmış yaşayış binaları, saraylar, kilsələr, muzeylər, mehmanxanalar, şəhər kənarındakı maşınqayırma və taxta zavodları, toxuculuq fabriklərinin korpus və sexləri günəşin nuruna qərq olmuşdu.
Ober-leytenant saatına baxdı və görünür, vaxtını keçirməyə bir iş tapmadığı üçün ağır addımlarla meydanın o biri tərəfinə yönəldi. Yanından esesçilərin keşikçi dəstəsi ötdü, iki italyan əsgərinin nəzarəti altında yorğun fəhlələrlə dolu bir yük maşını keçdi. Sonra əynində başdan-başa düymələnmiş qara plaş olan, başına ağ çəpçik qoymuş, arşın kimi düz və arıq bir rahibə göründü. Toz-torpağa bulaşmış bir dəstə kəndli, evlərin nömrələrinə baxa-baxa, haranısa axtarırdı. Böyük bir malikanənin qabağında sahiblərini gözləyən güzgü kimi parlaq “Fiat” maşınları durmuşdu…
Bir az sonra ober-leytenant şəhərin fəhlə məhəllələrinə çatdı.
Küçələrin daş döşəməsi üzərindəki qar əriyib qaralmış, palçıq kimi sürüşkən olmuşdu. Evlər, xırdaca meyxanalar, bütün tikililər daşdan idi. Triyestdə taxta, az qala, qızıl qiymətinə satılırdı.
Bazar günü olmasına baxmayaraq, şəhərin küçələrində adam o qədər də çox deyildi. Meyxanalar isə əksinə, səsli-küylü idi. Bu meyxanaların qapısını əvəz edən qamışdan hörülmüş xüsusi pərdələrin arasından torpaq döşəmələri görünürdü; ətrafına yorğun, qaşqabaqlı fəhlələrin toplaşdığı masaların üstünə heç nə örtülməmişdi.
Nallanmış çəkmələrini döyə-döyə küçədən bir tağım hitlerçi keçdi.
Bazara yaxınlaşdıqca küçələrdəki səs-küy çoxalır, tünlük artırdı.
Onlarca əl ober-leytenanta tərəf uzandı: o, sənətkarlıqla yonulmuş taxta keçilərə və fillərə maraqla baxırdı; əl böyüklükdə tıxacların üzərində yonulmuş qırmızı burun, kök bir kişi pivə parçını ağzına yaxınlaşdırmışdı…
Sahildən başlayaraq, ta şəhərin içərisinə qədər dar səkilərin kənarına cərgə ilə çuqun dirəklər vurulmuşdu. Dirəklər bir-birilə yoğun kəndirlə birləşdirilmişdi. Bu ona görə idi ki, Triyestdə tez-tez əsən güclü şimal küləkləri bəzən adamları süpürləyib dənizə aparırdı. Əhali yalnız bu kəndirlərin vasitəsilə xilas ola bilirdi. Lakin triyestlilər, hətta külək olmayan günlərdə də səki ilə gedərkən kəndirlərdən yapışmağa adət etmişdilər.
Ober-leytenant şəhərin mərkəz hissəsinə çatdı.
Bahar və yay fəsillərində, yəqin ki, şəhər daha gözəl görünürdü. Akasiya və şabalıd ağacları şəhərə xüsusi rövnəq verirdi; meydanlarda, bağçalarda və bulvarda palma ağacları vüqarla ucalırdı.
İndi bu palmalar solub ölgünləşmişdi; şəhərin mənzərəsini cansıxıcı edən yalnız boz divarlı evlər və palmalar deyildi.
Şəhər deyəndə, ilk növbədə, insanlar nəzərdə tutulur. İnsanlar isə süst və ölgün yeriyir, son dərəcə qayğılı və qaşqabaqlı görünürdülər.
Almanlar tərəfindən işğal edilmiş şəhərin siması dəyişmişdi, elə bil, şəhərə qara bir damğa vurulmuşdu. Küçələrin asfaltı çat-çat olmuşdu – bunlar ardı-arası kəsilmədən şəhərdən keçib gedən ağır tankların tırtıllarının izi idi.
Tutqun görkəmli dördmərtəbəli binadan tükürpədici fəryad eşidildi. Bura faşist həbsxanası idi…
Küçədən hitlerçilərin nəzarəti altında zavod və fabrik fəhlələri ötüb keçdilər.
Bulvarın tinində aclıq və yorğunluqdan taqətdən düşmüş ağsaçlı bir arvad, əlində boş zənbil yıxılıb qalmışdı.
Via del Akvedotto küçəsində cərgələnmiş dar ağaclarından üzləri kömür kimi qaralmış adamlar asılmışdı. Asılanların birinin köynəyi qana batmışdı, boynundakı ip isə düyün-düyün idi. Yəqin ki, onu asanda ip bir neçə dəfə qırılmışdı.
Ober-leytenant şəhərdə veyllənməkdən yorulmuşdu.
Revoltello sarayının yanında esesçilər bir neçə zabitin rəhbərliyi altında şəhər incəsənət muzeyindəki şəkilləri ikitonluq maşınlara yükləyirdilər.
Bunu görən ober-leytenantın qarabuğdayı çöhrəsi canlandı:
– San Custo haradadır? – deyə o, italyan sözlərini yanlış tələffüz edərək, küçədəki kor çalğıçıdan soruşdu.
Çalğıçı ağ tükləri pırtlaşmış başını qaldıraraq kəskin səslə dedi:
– Düz gedin.
Ober-leytenant yoluna davam etdi.
O, bir neçə dəqiqədən sonra San Custo kilsəsində qoyulmuş Müqəddəs Madonnanın qarşısında dayanmışdı. Mərmərdən yonulmuş madonna iki mələyin arasındakı taxtda əyləşmişdi. Onun qucağında balaca bir uşaq vardı.
Zabit qədim sənətkarların bu mahir əsərinə baxaraq böyük zövq alırdı. O, gah məftun olurmuş kimi yerində donub qalır, gah bir neçə addım geri çəkilir, gah da heykələ yaxınlaşaraq, onu diqqətlə gözdən keçirirdi. O, yaxınlaşıb heykəlin ətrafını bəzəyən qədim Bizans naxışlarını barmağı ilə yoxladı.
Zabitin sifətindəki soyuq təkəbbür ifadəsi yox olmuşdu. İndi o, aldığı ilhamın təsirindən, elə bil, daha da cavanlaşmışdı. Onun dodaqları səssiz tərpənirdi. Kənardan baxan elə güman edə bilərdi ki, zabit dindar adamdır, dua oxuyur. Lakin zabitin pıçıltı ilə dediyi sözləri eşidən olsaydı çox təəccüblənərdi: “Söz tapa bilmirəm… Əsil sənət əsərini tərifləmək üçün söz tapmaq nə çətin iş imiş!”
Heykəlin qarşısında həddən artıq dayandığını hiss edən zabit, özünü ələ aldı və cəld ətrafına göz gəzdirdi.
Kilsə, demək olar ki, boş idi. Bir neçə avara və laqeyd kiçik zabitdən, əlində çətir tutmuş şişman bir qocadan və əsgərlərin gözünə görünməmək üçün kilsə sütunlarının arxasında gizlənən iki cavan qızdan başqa kimsə yox idi. Xəstəlikdən sapsarı saralmış seyrək saçlı qoca kilsə gözətçısı qəşəng geyinmiş alman zabitinə təəccüblə baxırdı. Bu, yeganə faşist zabiti idi ki, kilsəyə gəlib, oradakı sənət nümunəsinə belə böyük maraq göstərirdi. Bu zabitdən başqa bir keşiş də heykələ tamaşa etməyə gəlmişdi.
Zabit qoca keşişə yaxınlaşıb papağını çıxartdı və xeyir-dua istədi. Keşiş əlini qaldırıb onu xaçladı.
– Müqəddəs ata, deyəsən, siz də mənim kimi, sənət əsərlərinin vurğunusuz… – deyə zabit dilləndi.
– Bəli, amma sizin kimi zabit öz vaxtını Via Qeqqa küçəsindəki soldatenhaymda keçirsə daha yaxşı olar…
– Müqəddəs ata, günün hansı saatlarında ora getmək daha münasibdir?
– Gündüz saat 2-də. Sizin zabitlər orada bu vaxt yemək yeyirlər.
– Təşəkkür edirəm.
Bir neçə dəqiqədən sonra ober-leytenant Via Qeqqanın tinindəki balaca bir dəllək dükanının qabağında durmuşdu: deyəsən, o, kimisə gözləyirdi.
Küçə ilə hitlerçi feldjandarmları keçirdilər. Onlar 20 nəfərə qədər olardılar. Başlarında parlaq və hündür kaska, döşlərindəsə xüsusi jandarm nişanı vardı. Jandarmlar küçədən keçən bütün hərbi qulluqçuları saxlayır və sənədlərini yoxlayırdılar.
Lakin ober-leytenant yaxınlaşan yandarmlara o qədər də əhəmiyyət vermədi. Gözlərini qarşıdakı səki ilə gedən əli çantalı bir alman əsgərinə zilləmişdi. Əsgər sol əli ilə qaragözlü, qara qıvrımsaçlı gözəl bir italyan qızını qucaqlamışdı.
Çil-çil sifətli, göygözlü, ağımtıl qaşlı əsgər çox cavan idi. Lap uşağa oxşayırdı. Ona 19-20 yaş ancaq vermək olardı. Qız isə oğlana nisbətən bir qədər yaşlı görünürdü. Əsgərin kefi kök idi: qəhqəhə çəkib gülür, qızı qucaqlayıb qulağına nəsə pıçıldayırdı. Qız onun sözlərini dinləyərək diksinir və çiynindəki şala daha bərk bürünürdü.
Ober-leytenant kinayə ilə gülümsündü.
Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.
Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit əsgəri elə danlamağa, elə söyməyə başladı ki, hətta jandarmlar belə təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit əsgərə nələr demədi!.. Donuz, əclaf, yalançı! Zabit get-gedə qızışır, özündən çıxır, əsgəri söyür və deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin fahişəxanalarında veyllənir, əxlaqsız qızlarla gəzir, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.
Zabit qıza elə təpindi ki, yazıq qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.
Əsgərin yanağı səyriyirdi. O, kəkələyərək nəsə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüş fəvvarəsi onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.
– Bəsdir, daha yanağını dartdın, axmaq! – deyə zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Marş, dalımca!
Ober-leytenant şinelinin açıq yaxasını düymələdi, lakin yenə də sakit ola bilmədi.
– Mən nə axmaq adamam! Hələ utanmaz-utanmaz döşündəki xaç nişanına görə, yaralandığına görə, atasının əziz xatirəsinə görə onu sadəcə “Cırtdan” adlandırıram. Heç təsəvvür edə bilmirəm ki, SS şturmban-fürerinin belə axmaq bir oğlu ola bilər. Abdal! – deyə o, bir də hiddətlə qışqırdı.
“Cırtdan”ın döşündə, doğrudan da, xaç nişanı vardı. Lakin bu nişan onun görkəmini daha gülməli, daha acınacaqlı edirdi.
“Cırtdan” çantasını çiyninə atıb, onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: “Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, dönüb sənə də ağzından çıxanı deyər, hər zir-zibil leytenant şturmban-fürerin oğluna “abdal” deyə bilməz”. Rəis, əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırdı və onların sənədlərini yoxlamağa başladı.
Ober-leytenant ilə “Cırtdan” beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə Triyestin bu küçəsində yaşayan adamlar həmin bina ilə fəxr edirdilər. Onlar şəhərə təzə gələn adamlara öz ünvanlarını bildirmək istədikdə belə deyərdilər: “Via Qeqqa bu tinin dalındakı küçədir. Siz orada, sol tərəfdə beşmərtəbəli, gözəl bir bina görəcəksiniz, o yerdən üç ev keçdikdən sonra tini burularsınız, bax, biz orada yaşayırıq. Buyurub qonaq gələ bilərsiniz”. İndisə yerli əhali nəinki bu bina ilə fəxr edir, heç o tərəfə baxmaq istəmirdi. İndi bura “Döyçe soldatenhaym” adlanırdı. Küçənin sakinləri bu evi şəhərin ən şərəfsiz, ən çirkin güşəsi hesab edirdilər. “Eh, kaş, bu ev heç yerli-dibli olmayaydı!” – deyə qarılar kökslərini ötürürdülər. Elə bil, bu bina olmasaydı, faşistlər özləri üçün başqa yer tapmayacaqdılar, guya faşistləri Triyestə cəlb edən ancaq bu beşmərtəbəli bina idi.
Ober-leytenant və onun əsgəri “Cırtdan” “Döyçe soldatenhaym”a girərkən qarşı səkidəki sloven bir qarı onlara tərəf baxaraq tüpürdü: “Ah, kaş, bu ev başınıza uçaydı. Siz olmasaydınız mənim Mitrim sağ qalardı… Sizi görüm lənətə gələsiniz, cəlladlar!”
O qədər də böyük olmayan vestibüldən yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar olduqca kövrək və şəffaf görünürdü. Tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.
Yuxarıdan musiqi səsləri eşidilirdi, xörək ətri gəlirdi. Balaca boylu bir zabit tapança qayışını açıb uca paltarasılana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək, o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva kaporlar onlara təntənəli görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər. Balaca boylu zabit boyca ondan xeyli uca olan bir qadını saxlayıb onunla zarafatlaşır, çənəsindən tutaraq qiymət verirmiş kimi, onu süzürdü. Qadın gülümsünür, dözürdü…
Ober-leytenant və “Cırtdan” birinci salonun açıq qapıları qarşısında dayandılar. Bura əsgər və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər oxuyan qadını patefon valının içində görmək istəyirmiş kimi, acgözlüklə vala baxırdı.
– Xanım, nə olar, bir anlığa… ancaq bir anlığa çıx oradan, gəl yanımıza! – deyə əsgərlərdən biri hərlənən vala yalvarırdı. O biri əsgərlər qəhqəhə çəkib güldülər. Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Onların hamısı farağat vəziyyəti aldı.
Ober-leytenantın nəzərləri bütün divarı tutan paltarasılanda səliqə ilə cərgələnmiş tapança və portupeyalar üzərində gəzdi.
Zabitin sifəti daş kimi ifadəsizdi. Əsgərlər xeyli müddət yerlərində donub qaldılar. Səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. “Cırtdan” əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.
Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Ober-leytenant etinasız bir hərəkətlə pərdəni aralayıb, içəri baxdı.
Salona yol tapan günəş şüası masaların üstündəki büllur vazalara düşərək bərq vurdu, divara yağlı boyalarla çəkilmiş zövqsüz tabloları işıqlandırdı. Dürerin “Qız şəkli” adlı məşhur qravürası bu portretlərlə kəskin bir təzad təşkil edirdi. Ober-leytenant nəzərlərini məhz bu əsərin üzərində saxladı, sonra da pərdələri tamamilə aralayaraq salona girdi.
O, masaların arasında gəzir, sanki yüksək rütbəli zabitlərin xörək yeyəcəkləri masaların layiqincə sahmanlı olub-olmadığını yoxlamaq istəyirdi. Əlini uzadıb stəkanların içinə qoyulmuş salfetləri yoxlayıb, üzünü qırışdırdı.
– “Cırtdan”! – deyə o bir qədər əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!
“Cırtdan” zabitin nəyə işarə etdiyini o dəqiqə başa düşüb, çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə kağız çıxartdı.
Onlar tez bir zamanda bütün masalardakı salfetləri dəyişdirib salonu tərk etdilər və qapının pərdələrini saldılar.
– “Cırtdan”, yeməkdən qabaq əllərini yumaq istəmirsən?
Əsgər başı ilə təsdiq etdi. Artıq onun yanağı səyrimirdi.
– Dəhlizin o başındadır, – deyə ober-leytenant cəld dilləndi.
Dəhlizin o başındakı qapılardan birinin üstünə “Yalnız zabitlər üçün” sözləri yazılmışdı.
“Cırtdan”a rast gələn mayor əvvəlcə onu dayandırıb, qapıya vurulmuş lövhəni göstərmək istədi. Nədənsə fikrindən daşındı. Bu iyrənc şəhərdə Otto fon Şultsun işi onsuz da başından aşırdı. Vaxtını intizam haqqında boş söhbətlərə sərf etmək istəmədi. Əslində, bu əsgərin günahı çox da böyük deyildi. Bundan qat-qat pis hallar olurdu. Elə dünən şəhərə ilk dəfə çıxarkən o, iki əsgərin küçənin tinində dayanıb bir neçə nəfər şəhər əhli ilə söhbət etdiyini görmüşdü. Fon Şults maşını saxlatdırıb soruşmuşdu:
– Hansı hissədənsiniz?
– Əlahiddə dağ atıcıları taborundan patruluq.
– Nə barədə danışırsınız?
– Bizim bu Hansın peşəsi damlara kirəmit döşəməkdir. İndi də soruşurduq ki, burada rəngli kirəmiti necə qayırırlar.
– Siz də kirəmit döşəyənsiniz!
– Xeyr, mən royal kökləyənəm.
Kirəmit döşəyəni də, royal kökləyəni də hauptvaxta göndərmək lazım gəlmişdi ki, bundan sonra postda duran vaxt özlərini yaxşı aparsınlar. İndi ordunun özündə də belə əsgərlər az deyildi. Ancaq daha bu kütbeyin tör-töküntünü öyrətmək vaxtı keçib: səhərdən axşamadək şəhərin eninə-uzununa gəzirlər, güllə atırlar, lazım gələndə də ölürlər… Elə bu kifayətdir! Fon Şults özünü daha ciddi işlərdən ötrü qorumalıdır.
Mayor, alçaq tavanlı holla girdi. Bir neçə zabit piştaxtanın qabağına yığılıb, yeməkdən qabaq vermut içirdi.
Balkon qapısının yanında qırmızıpeysər və sinəsi həddindən çox qabarıq olan qoca bir polkovnik durmuşdu. O, əlindəki qayçı ilə siqarın ucunu kəsirdi.
Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.
– Təşəkkür edirəm, – deyə polkovnik burnunun altında mızıldadı.
Polkovnik kimin tərəfindən və nə təhər olursa-olsun özünə göstərilən hörməti qiymətləndirməyə adət etmişdi. Əslində, polkovnik polis qoşunlarını o qədər də sevmirdi. Bu mayor isə yaxasındakı nişana görə gözətçi hissələrinə mənsub idi. Polkovnikin fikrincə, gözətçi hissələri də polis deməkdir. Lakin nəzakət həmişə insana xoş gəlir…
Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.
– Fon Şults?
Şults yüngülcə baş əydi.
– Hm… – Polkovnik gülümsündü. – Mən sizi hələ bığsız bir kadet olduğunuz vaxtdan xatırlayıram. Səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır.
Şults yenə də baş əydi:
– Bəli, bunlar mümkün olan şeydir.
– Triyestə çoxdan gəlmisiniz? – deyə polkovnik soruşdu.
– Xeyr, təzəcə gəlmişəm.
– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?
– Xeyr, mən yalnız okruqda partizan hərəkatını yatırmaq işləri üzrə gestapo rəisinin müaviniyəm.
– Nə etmək olar. Uğur olsun, – deyə polkovnik mətləbə dəxli olmadan əlavə etdi, – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!
O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə döndü və bufetə tərəf yönəldi.
Əlbəttə, polkovnikin yaxın tanışı olan fon Şultsun atasını xatırlamasında heç bir qəbahət yox idi. Amma onun ötəri dediyi bu tərif mayor fon Şultsu çox qəzəbləndirmişdi. O, başa düşürdü ki, polkovnik bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlu, qədim pruss nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənir…
Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi.
O, polkovnik kimi küt və lovğa hərbi qulluqçularla tez-tez toqquşmalı olurdu. Bu adamlar elə zənn edirdilər ki, onlar dünyanın məhvəridirlər. Guya onlar dünyada elmin ən yüksək zirvələrini fəth etmişlər: hücum, məngənə, mühasirə və sairə… Guya elm bundan ibarət imiş.
Onun atası Qustav fon Şults da həmin zümrəyə daxil idi. O, əlli beş yaşlarında belə, qamətini cavan oğlan kimi şax saxlaya bilməsi ilə fəxr edərdi: həmişə kabinetində qoyduğu ensiz səfər çarpayısında yatardı, qışda və yayda soyuq suda çimərdi. Yanında qeyd dəftərçəsi gəzdirməzdi, hər şeyi əzbər yadında saxlayardı.
Onun Şimali Prussiyadakı malikanəsində olan min hektarlarla torpağın bir santimetri də əkilməmiş qalmırdı. Evlərinin soyuq otaqlarındakı parket döşəmələrdə xırdaca bir ləkə də tapılmazdı.
Generalın özünə həyat yoldaşı seçdiyi Elza fon Hauzen hər cəhətdən ərinə yaraşan bir arvad idi: həm əsil-nəcabətinə, həm boy-buxununa, həm də səliqəsinə görə ərindən geri qalmazdı. Elza üç uşaq doğmuşdu – bir oğlan, iki qız (məhz ərinin istədiyi qədər).
Atası Ottonu hər səhər yuyunmağa məcbur edər, belini bükəndəsə əlinin yanı ilə gücü gəldikcə onun kürəyindən vurardı. Hər gün oğlu üçün yeknəsəq və təmkinli bir səslə Klauzevitsin əsərlərini ucadan oxuyar və onun beyninə yeritməyə çalışardı ki, tarixdə Birinci Fridrix, Bismark və Moltgedən böyük simalar yaranmayıb.
– Bütün dünya Almaniyanın olmalıdır! – deyə o, həmişə yerli-yersiz səsini ucaldardı.
Onun diviziyasını Polşa, Sedan və Rusiyada əməlli-başlı əzişdirdilər.
Kayzerin taxt-tacdan imtina etdiyi gündə general alt paltarını dəyişib üzünü qırxmış və kabinetində özünü güllə ilə başından vurub öldürmüşdü.
Otto, özünün general nəslindən olduğunu bəzən məmnuniyyətlə qeyd edərdi. Lakin bu məsələyə az hallarda toxunardı.
Otto öz xeyrini valideynindən daha yaxşı başa düşürdü. O, lovğa deyildi və heç vaxt yersiz təkəbbür göstərməzdi. Dələduz və axmaq yefreytor Almaniyada hakimiyyət başına keçərkən, o, özünü təhqir olunmuş hesab etmirdi. Bunun yeri deyildi – onun məqsəd və mənafeyi yefreytorun tələblərinə uyğun gəlmirdi. Əsil-nəcabətinin isə bir o qədər də əhəmiyyəti yox idi. Çünki artıq zəmanə dəyişmişdi. İndi hər şeydən artıq gücə, zorakılığa hörmət edirdilər.
Buna görə də kiçik fon Şults özünün ata-baba malikanəsini satıb pulunu Krupun konserninə qatdı. Bu, həm mənfəət gətirir, həm də az zəhmət aparırdı.
O, nasional-sosialist partiyasına daxil oldu. İndi rütbə etibarı ilə qat-qat yüksək olsalar da, köhnə hərbi qulluqçulardan çoxu ona birinci baş əyirdi.
Atası çalışırdı ki, Otto böyük adam olsun.
Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir! Otto vəziyyəti başa düşməyi, əvvəlcədən görməyi, hansı tərəfin daha güclü olduğunu təyin etməyi bacarır. Ola bilsin ki, sabah tərəzinin gözü dələduz yefreytorların xeyrinə hərəkət etməsin. Təfavütü yoxdur, məqsədləri onunla həmahəng olan yeni zorlu adamlar tapılar.
Yemək vaxtı yaxınlaşırdı…
Zabitlər yavaş-yavaş holldan salona keçməyə başlayırdılar. Şults da onların ardınca tələsdi.
Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksək rütbəli zabitlər almanlara xas dəqiqliklə masalarda öz yerlərini tutmağa başladılar. Salondakı balaca orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Yavaş-yavaş salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenant və onun əsgəri içəri girdilər.
Ober-leytenant yaxındakı masalardan birinin boş olduğunu görüb “Cırtdan”a dalınca gəlməyi işarə etdi.
Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb masanın altına qoydu və yerini rahatladı.
– Bura zabitlər üçündür, – deyə arıq bir xörəkpaylayan qadın “Cırtdan”a tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.
Ober-leytenant nəzakətlə etiraz edib dedi:
– Qoyun bunu zabitlər özü həll etsin.
Onların arxasından kimsə bağırdı:
– Qalx!
“Cırtdan” diksinib yerindən elə sıçradı ki, altındakı oturacaq aşdı. Salondakı zabitlərdən bir neçəsi səs-küy eşidib, ayağa qalxdı.
Ober-leytenant yerindən tərpənməyib arxayın nəzərlərlə uzun, sarıbəniz, yağlanmış saçları laklı qadın ayaqqabısı kimi parıldayan kapitana baxdı.
– Sənin nə həddin var?! – deyə kapitan qəzəblə qışqırdı.
“Cırtdan”ın rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı, ağzı əyildi.
– Bu nədir? – deyə kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən?!
Lakin elə bu vaxt ober-leytenant sakit və arxayın hərəkətlə ayağa qalxdı.
– Cənab kapitan, – deyə o, “Cırtdan”ın qabağını kəsərək sakit səslə kapitana müraciət etdi, – əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də böyük ziynət deyil, amma bu əsgəri reyxsmarşalın özü təbrik edib. Xahiş edirəm, tanış olasınız, onun adı sadəcə “Cırtdan”dır.
– Başa düşmədim! – deyə kapitan təkəbbürlə ober-leytenantı süzdü.
Ober-leytenant sözünü davam etdi:
– “Cırtdan” məni ölümdən xilas edib, rus mərmisi başımızın üstündə vıyıldayanda, o, bədəni ilə məni qorudu. Özü də zədələndi. O, həqiqi qəhrəmandır.
– Lakin bu ona, burnunu bizim xörək qablarına soxmaq ixtiyarını verməyib! Əgər o, sizin həyatınızı xilas edibsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.
Kapitan oturacağını çəkib onların masasının arxasında əyləşdi. Ober-leytenant “Cırtdan”a baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiynindən vuraraq dedi:
– Nə olar, “Cırtdan”, görünür ki, bu salonu tərk edib, aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər. – O, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana tərəf dönüb yumşaq bir tövrlə sözünü bitirdi. – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.
Kapitan cavab vermədi. Onlar salondan çıxandan sonra kapitan yaxındakı masanın arxasında əyləşən, sinəsi başdan-ayağa xaç və ordenlərlə bəzənmiş qoca bir polkovnikə müraciət etdi:
– Gördünüzmü bu cırtqozu?!
– Onunla ciddi danışmaq pis olmaz, – deyə polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.
– İcazə verin, bunu özüm edim. Onun iştahını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…
Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parlaq və uzun paltarlı bir qadın yüyürə-yüyürə salona girdi. Qadın ilan kimi qıvrılaraq rəqs edir və kişi səsinə bənzər yoğun səslə oxuyurdu. Zabitlər qadını gözlərilə yeyir, ayağa qalxaraq onun hər bir hərəkətini izləyirdilər. Onlar “Cırtdan”ın stəkana qoyduğu salfetlərlə əllərini silərək, bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.
Birdən-birə salonda qarışıqlıq düşdü… Qoca polkovnik salfetin üstündə yazılar gördü. O, əzilmiş salfeti hamarlayıb eynəyini taxdı, yazıları oxuduqdan sonra qəddini düzəltdi. Hamının eşidə bilməsi üçün ucadan əmr verdi:
– Hamı masalardakı salfetlərə baxsın!
Musiqi kəsiləndə salfetlər xışıldamağa başladı. Hərə öz salfetindəki bu qısa sözləri oxudu: “Ölümə ölüm!” Bunların altında da “Xalq intiqamçıları” sözləri yazılmışdı.
– Direktor! – deyə kimsə vəhşicəsinə bağırdı.
Yarımlüt rəqqasə özünü itirərək orkestr meydançasının yanında durmuşdu. Çalğıçıların rəngi qaçmışdı.
– Qapıları bağlayın, heç kəsi buraxmayın! – deyə polkovnik bağırdı.
Qorxudan ölümcül hala düşmüş, top kimi yumru, balacaboy bir italyan, özünü yetirib soruşdu:
– Nə var, nə var?!
Əsgərlər yüyürüşərək içəri doluşdular. Xörəkpaylayan qadınlar bir küncə yığıldılar. “Döyçe soldatenhaym”ın bütün adamları bu salona toplaşmışdı.
“Görəsən, onların arasında paltarını dəyişmiş partizan kimdir?”
Axtarış başlandı, hitlerçilər o qədər çox idilər ki, böyük zala yerləşmirdilər…
Həmin vaxtda Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat vardı.
Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgəri “Cırtdan”ı funikulyorla yuxarı aparırdı.
Tramvay dayananda onlar qapıya tərəf yönəldilər. Sərnişinlər qaşqabaqlarını töküb kənara çəkilərək onlara yol verdilər.
Onlar tramvaydan düşüb, dinməz-söyləməz uzaqlaşdılar, sarı rəngli, hündür və sərt qayalarla örtülmüş dikə qalxmağa başladılar. Bir zaman Adriatik dənizinin dalğaları bu qayalara çırpılırdı.
Bu hündür yerdən baxanda aşağıdakı evlər balaca oyuncaq kimi görünürdü. Düzənliyin qurtaracağında isə dağlar ucalırdı. Bu dağların zirvəsi seyrək şam ağacları ilə örtülmüşdü.
Onların durduğu yer Opçina adlanırdı.
Ober-leytenantla əsgər dik qayanın yanında dayandılar.
– Bura bax, Vasya, – deyə ober-leytenant yavaş səslə “Cırtdan”a müraciət etdi, – o nə idi, şəhərin içində Ancelikanı qucaqlayırdın?
Vasya ötkəmliklə gülümsündü:
– Bütün almanlar qızlarla belə gəzirlər.
– Lazım deyil, Vasya. Əvvəla, bu hərəkətin yerli əhalidə Ancelikaya qarşı nifrət oyada bilər. İkinci də, Ancelika gözəl qızdır, başqaları da sənə baxıb, onu qucaqlamaq fikrinə düşər.