Kitobni o'qish: «Amerika. İtkin düşmüş»
Fəsil 1
Ocaqçı
Karl Rossman – hansısa bir qaravaşın yoldan çıxardıb ondan uşaq doğduğu və bu hadisədən kədərlənmiş valideynlərinin Amerikaya yola saldıqları on altı yaşlı oğlan gəminin göyərtəsində asta-asta Nyu-York limanına daxil olanda, hələ uzaqdan diqqətini cəlb etmiş Azadlıq heykəli birdən ona parlaq günəş şüalarında yuyunurmuş kimi göründü.
Heykəlin qılınc tutmuş əli əvvəlki kimi havada idi, gövdəsini isə azad küləklər sarırdı.
Oğlan öz-özünə
– Nə hündürdür! – dedi. Gəmidən enmək fikri olmasa da yanından keçən, getdikcə sıxlaşan yükçü axını onu göyərtənin lap kənarına sıxışdırırdı.
Karlın gəmi səfəri zamanı bir qədər tanış olduğu cavan oğlan onun yanından keçəndə dilucu dedi:
– Siz hələ də enməyə cürət etmirsiniz?
– Mən hazıram, – Karl ona gülümsəyərək dedi və güclü oğlan olduğundan bir qədər də yekəxanalıqla çamadanını çiyninə aldı. Lakin artıq əl ağacını yelləyərək sərnişin kütləsinə qarışmış tanışına baxaraq karıxdı – çətirini kayutda unutmuşdu. O, tanışından çamadanına baxmasını xahiş edərək qayıdanda çaşmamaq üçün ətrafa baxdı və oradan aralandı. Karl aşağıda təəssüflə onun yolunu əməlli-başlı qısalda biləcək keçidin birinci dəfədir ki, bağlı olduğunu gördü. Bu yəqin ki, sərnişinlərin hamısının gəmini tərk etməsi ilə əlaqədar idi. O, bir-birinin ardınca gələn pilləkanları axtarmağa, tez-tez dönən dəhlizlərlə eyni növ yazı masası qoyulmuş, bir-birinə bənzəyən kayutların yanından keçməyə məcbur oldu. Bu yolu cəmi bir neçə dəfə, özü də çoxlu adamların əhatəsində keçdiyindən, nəhayət tamamilə azıb qaldı. Ətrafda bir adam da görmədiyindən, yalnız üst mərtəbədən arası kəsilmədən keçən minayaqlı insan axınını eşidərək və artıq dayandırılmış gəmi mühərriklərinin uzaq səsini hiss edərək, çaşqınlıqla, düşünmədən yanında dayanmış olduğu kiçik qapını döyəcləməyə başladı.
– Qapı açıqdır, – içəridən qışqırdılar, və Karl dərindən nəfəs alaraq qapını itələdi. – Niyə qapını dəli kimi yumruqlayırsınız? – nəhəng boylu kişi gözücü Karla baxıb dedi. Kasıb otağa illüminator vasitəsilə yuxarıdan bulanıq, gəminin daxilində dəfələrlə səpilmiş işıq düşürdü. Çarpayı, dolab, stul və kişi kameradakı kimi bir-birinin yanına sıxılmışdılar.
– Mən azmışam, – Karl dedi. – Səfər zamanı gəminin bu qədər böyük olduğuna diqqət yetirməmişdim.
– Bəli, siz haqlısınız, – kişi böyük olmayan sandığın qıfılını hər iki əli ilə dəfələrlə açıb-bağlaya və dilinin səslənməsinə qulaq asa-asa, müəyyən qürur çaları ilə cavab verdi.
– Gəlin içəri! – kişi hündürdən dedi. – Dəhlizdə durmayacaqsınız ki!
– Mane olmuram? – Karl soruşdu.
– Burada mane olmalı nə var ki?!
– Siz almansınız? – Karl Amerikaya gələn mühacirləri, xüsusən də irlandiyalılar tərəfindən təhdid edən təhlükələr barəsində çox eşitdiyindən özünü sığortalamaq üçün soruşdu.
– Bəli, almanam, alman, – kişi dedi.
Karl hələ də tərpənmirdi. Bu yerdə kişi birdən dəstəkdən çəkərək kayutun qapısını sürətlə örtdü və Karl da içəriyə girdi.
– Dəhlizdən mənə baxmaqlarından zəhləm gedir, – yenidən sandığı ilə məşğul olaraq, bildirdi, – çünki hər keçənin bura baxmasına dözmək mümkün deyil.
– Amma dəhlizdə heç kim yoxdur, – yöndəmsizcəsinə çarpayının dirəyinə sıxılmış Karl dedi.
– İndi belədir. – kişi dedi. «Söhbət də elə «indi»dən gedir, – Karl fikirləşdi. – Bu adamla dil tapmaq asan deyil».
– Çarpayıya uzanın, orada yer daha çoxdur, – kişi dedi. Karl, özünün uğursuz ilk cəhdinə ucadan gülərək, birtəhər oraya soxuldu. Lakin çarpayıya uzanan kimi qışqırdı:
– Aman tanrım, çamadanımı tamam yadımdan çıxartmışam!
– Çamadanın haradadır ki?
– Yuxarı göyərtədə, tanışım ona baxır. Adı necəydi? – əlini anasının səfərdən qabaq pencəyinin astarına tikdiyi gizlin cibə apararaq vizit kartını çıxartdı. – Butterbaum. Frans Butterbaum.
– Çamadan sizə çox lazımdır?
– Əlbəttə.
– Elə isə onu niyə yad adama tapşırmısınız?
– Mən çətirimi aşağıda unutmuşdum, amma onu götürməyə çamadanla getmək istəmirdim. Sonra da azdım.
– Təksiniz? Sizi müşayiət edən yoxdur?
– Hə, təkəm.
«Yəqin ki, bu adamla birlikdə olmaq lazımdır, – Karlın beynindən keçdi. – İndi bundan yaxşı yoldaş tapmaq mümkün deyil».
– Belə. Üstəlik indi çamadanı da itirdiniz. Hələ çətiri demirəm.
Kişi stula oturdu, sanki indi Karlın işi onun üçün müəyyən maraq kəsb etmişdi.
– Güman edirəm ki, çamadanı hələ itirməmişəm.
– Çox sadəlövhsən, – kişi dedi və səylə özünün tünd, qısa və sıx saçlarını qarışdırdı. – hər limanda gəmidə yeni adətlər əmələ gəlir. Hamburqda sizin Butterbaumunuz güman ki, çamadanı qoruyardı, burada isə, çox güman ki, hər ikisinin izi-tozu da qalmayıb.
– Bununla belə mən baxmalıyam, – Karl buradan necə çıxa biləcəyini fikirləşərək dedi.
– Yerində qalmağın daha yaxşıdır, – kişi dedi və demək olar ki, kobudcasına onu geriyə, çarpayıya itələdi
– Niyə ki? – Karl acıqlı soruşdu.
– Çünki bunun mənası yoxdur, – kişi dedi. – Bir dəqiqədən sonra mən də gedəcəm, bir yerdə gedərik. Çamadanı ya oğurlayıblar – onda daha heç nə edə bilməzsən, ya da adam onu qoyub gedib, onda gəmi tamam boşalandan sonra onu tapacağıq. Çətirlə də bunun kimi.
– Siz gəmini yaxşı tanıyırsınız? – Karl inamsız soruşdu və ona elə gəldi ki, Nyu-Yorka gəlib çatmağının gizli səbəbini tapıb. Amma Karlı qüssələndirən o idi ki, çamadandakı şeylərin heç birindən istifadə edilməmişdi, hərçənd ki, məsələn, köynəyini çoxdan dəyişməli idi. Məlum məsələdir ki, o bununla qənaət etmək istəyirdi, amma indi, həyat yolunun başlanğıcında, səliqəli və təmiz görünmək əvəzinə kirli köynəkdə gəzməli olacaq. Bunu nəzərə almasaq çamadanın itməsindən kədərlənməyə dəyməzdi, çünki əynindəki kostyum çamadanda qalandan daha yaxşı idi; açığı o kostyum əlacsız qalanda geyinmək üçün idi, anası onu səfərdən qabaq yaxşıca yamamışdı.
Elə həmin dəqiqə yadına düşdü ki, çamadanda anasının hədiyyəsi olan verona salyamisi var idi. Bütün səfər boyu iştahası olmadığı və tvindekdə verilən supla kifayətləndiyindən ondan lap azca yemişdi. Amma indi ocaqçıya hörmət etmək üçün bu kolbasa lap yerinə düşərdi. Axı belə adamları kiçik əhəmiyyətsiz şeylər bağışlamaqla öz tərəfinə çəkmək çox asandır; Karl bunu siqar paylamaqla işdə rastlaşdığı kiçik məmurları daim öz tərəfinə çəkməyi bacaran atasından bilirdi. İndi Karlın hədiyyə etmək üçün ancaq pulu qalmışdı, lakin çamadan itirildiyindən, pula toxunmaq istəmirdi. Onun fikirləri yenidən çamadanın yanına qayıtdı; əgər çamadanın belə asanlıqla əlindən çıxmasına yol verəcəkdisə, reys zamanı onu niyə bu dərəcədə ciddi-cəhdlə qoruduğunu heç cür anlaya bilmirdi. İki çarpayı solda yatan kiçik slovakın onun xəzinəsinə qəsd etdiyindən şübhələnərək yuxusuz keçirdiyi beş gecə yadına düşdü.
Bu slovak elə onu gözləyirdi ki, Karl nəhayət zəifləyib yatsın, o da bütün günü oynadığı və məşq etdiyi uzun əl ağacı ilə çamadanı özünə çəksin. Gündüz işığında slovak tamamilə təhlükəsiz görünürdü, lakin gecə düşən kimi, tez-tez öz yerindən qalxır və qayğılı surətdə Karlın çamadanına baxırdı. Karl bunu tamamilə açıq-aşkar görürdü, çünki, gəmi qanunları ilə qəti qadağan edilməsinə baxmayaraq, kimsə mühacir narahatlığı ilə işığı yandırır və mühacir agentliklərinin mənasız prospektlərini anlamağa çalışırdı. İşığı yaxında yandırırdılarsa Karl bir qədər mürgüləyə bilirdi, işıq uzaqda olanda və ya heç yandırılmayanda isə gözünü dörd açmalı olurdu. Bu səylər onu əməlli-başlı yorurdu, indiki vəziyyət isə onların tamamilə mənasız olduğunu göstərirdi. Ax Butterbaum, keçərsən bir gün Karlın əlinə!
Bu an kayutun indiyə qədər pozulmayan sakitliyinə haradansa uzaqdan – dəhlizdən – zəif, uşaq addımlarını xatırladan səslər dolmağa başladı; onlar yaxınlaşdılar, daha yaxşı eşidilməyə başladılar və arxayın kişi addımlarının səsinə çevrildilər. Sanki dəhliz dar olduğundan, adamlar cərgəylə gedirdilər, həm də silah cingiltisinə bənzər səslər eşidilirdi. Çamadan və slovakla bağlı qayğılardan azad olub az qala çarpayıda yuxuya getmiş Karl diqqətini topladı və xəbərdar etmək üçün ocaqçını itələdi, çünki nümayişin qabağı deyəsən onların qapısına çatmışdı.
– Bu gəmi orkestridir, – ocaqçı dedi, yuxarıda çalıb qurtarıblar, indi də şeylərini yığışdırmağa gedirlər. Hər şey qaydasındadır. Bizim də getmək vaxtımızdır. Gedəyin!
O, Karlın əlindən yapışdı, müqəddəs Məryəmin çarpayının baş tərəfində divardan asılmış ikonasını çıxardıb döş cibinə qoydu, sandığını götürdü və Karlla birlikdə tələsik kayutdan çıxdı.
– Bu dəqiqə dəftərxanaya gedib, cənablara ağzımdan çıxanı deyəcəm. Orada daha sərnişin yoxdur, ona görə də nəzakət gözləmək vacib deyil. – Ocaqçı bunu müxtəlif tərzdə təkrar edirdi. Getdiyi yerdə dəhlizdən keçən siçovulu təpiklə vurmağa çalışdı, lakin bunun nəticəsində siçovul yuvasının yanında yerə düşdü və bir başa oraya sivişdi. Ocaqçı ümumiyyətlə astagəl idi, çünki ayaqları uzun olsa da, çox yoğun idi.
Onlar sanki qəsdən çirkaba bulaşdırılmış önlük taxmış bir neçə qızın böyük çənlərdə qab-qacaq yuduqları gəmi mətbəxindən keçirdilər. Ocaqçı Lina adlı qızı yanına çağırdı, belini qucaqladı və öz yanınca apardı. Qız nazla onun çiyninə söykəndi.
– İndi pulumuzu ödəyəcəklər, bizimlə gedərsən? – kişi soruşdu.
– Özümü niyə zəhmətə salmalıyam, yaxşısı budur pulu elə bura gətir, – qız cavabında dedi və kişinin qoltuğunun altından sivişib qaçdı. – Belə gözəl oğlan uşağını haradan ilişdirmisən? – qışqırmağa macal tapdı, amma cavabını gözləmədi. Öz işlərini dayandırmış qızlar gülüşdülər.
Ocaqçı qapını hörmətlə döydü və «buyurun» sözü eşidiləndə, əlinin hərəkətiylə Karla içəri gir, qorxma işarəsi verdi. O, içəri girdi, amma qapının yanında dayandı. Dəftərxananın üç illüminatorunun arxasından dəniz dalğalarını gördü və bu zaman ürəyinə şadlıq doldu, sanki beş uzun gün ərzində okeanın ənginliklərinə gözünü dikən o deyildi. Nəhəng gəmilər öz ölçülərinə uyğun ləngər vuraraq, kəsişən istiqamətlərdə hərəkət edirdilər. Gözlərini qıyanda adama elə gəlirdi ki, gəmilər həddən artıq ağır yükdən ləngərləyirlər. Onların dor ağaclarından uzun və nazik, külək əsəndə düzələn, lakin indi müvəqqəti olaraq mənasız titrəyən bayraqlar asılmışdı. Hərdən top atəşləri eşidilirdi, güman ki, hərbi gəmilər salam verirdilər. Çox da uzaqdan keçməyən belə bir gəminin toplarının lülələri polad rəngli işıq saçaraq, fırtınalı okeandakı uğurlu səyahətdən sonra sanki özlərini günə verirdilər. Nəhəng gəmilərin arasından keçərək limana daxil olan çoxsaylı qayıq və kiçik gəmiləri də qapıdan müşahidə etmək olurdu. Bütün bunların arxasından isə Nyu-York min pəncərəli nəhəng göydələnləri ilə Karla baxırdı. Hə, bu otağa girməyə dəyərdi.
Dəyirmi stolun arxasında üç nəfər oturmuşdu: gəmi zabiti göy dəniz formasında, qalan ikisi – liman idarəsinin məmurları qara amerikan mundirində idilər. Zabit, əlində qələm, masanın üzərində qalaqlanmış sənədləri sürətlə nəzərdən keçirir, sonra onları məmurlara ötürürdü. Məmurlar sənədləri oxuyur, gah onlardan çıxarışlar edir, gah portfellərinə qoyur, gah da onlardan biri – dayanmadan dişini dişinə sürtəni – öz həmkarına, protokola salması üçün, nəsə diqtə edirdi.
Pəncərənin yanında, yazı masasının arxasında, arxası qapıya, qarşısındakı möhkəm rəfə düzülmüş nəhəng cildlərlə məşğul olan ortaboylu adam oturmuşdu. Onun yanında açıq və boş – ən azı ilk baxışdan belə görünən – seyf durmuşdu.
İkinci illüminatorun qarşısı boş idi və limanı nəzərdən keçirməyə əla imkan verirdi. Əvəzində üçüncünün yanında pıçıltı ilə söhbət edən iki kişi dayanmışdı. Onlardan birisi – divara söykənmişi də dənizçi formasında idi və qılıncının qəbzəsini oynadırdı. İkincisi illüminatora baxırdı və hərdənbir tərpənəndə, müsahibinin sinəsindəki ordenlər görünürdü. O, mülki paltarda idi və əllərini belinə qoyduğundan onun nazik bambuk əl ağacı da qılınc kimi dik durmuşdu.
Karlın hər şeyi diqqətlə nəzərdən keçirməyə vaxtı çatmadı, çünki qısa bir müddətdən sonra stüard1 onlara yaxınlaşdı və ocaqçıya sanki bura onun yeri deyilmiş kimi baxaraq ona nə lazım olduğunu soruşdu. Ocaqçı da onun kimi sakitcə bildirdi ki, baş kassirlə danışmaq istəyir. Stüard öz növbəsində bu istəyi əli ilə rədd etsə də, barmaqlarının ucunda dəyirmi masanın ətrafına uzaqdan fırlanaraq, dərin təzimlə nəhəng cildlərlə məşğul olan adama yanaşdı. Stüardın sözlərindən onun donub qaldığı açıq-aydın göründü, lakin o, nəhayət onunla söhbət etmək istəyən adama tərəf döndü və ocaqçıya, etibarlı olsun deyə stüarda da, etiraz edirmiş kimi əllərini yellədi. Bundan sonra stüard ocaqçıya yaxınlaşdı və az qala məhrəmanə dedi:
– Ləngimədən otağı tərk edin
Bu sözləri eşidən ocaqçı baxışlarını Karla yönəltdi, sanki oğlan onun öz dərdindən şikayət etdiyi ürəyi idi. Uzun fikirləşmədən Karl yerindən tərpəndi, kayutanı sürətlə keçdi – hətta zabitə bir qədər toxundu da. Stüard əyilib, əllərini zəhlətökən həşəratı qovurmuş kimi aralayaraq kiçik addımlarla onun yanıyla qaçsa da Karl baş kassirin masasına birinci çatdı və stüardın onu güclə dartıb otaqdan çıxartmaq istəyini önləmək məqsədiylə masanın küncündən yapışdı.
Təbii ki, o dəqiqə ətrafdakılar hərəkətə gəldilər. Masanın yanındakı dəniz zabiti yana sıçradı; liman idarəsinin nümayəndələri hadisəni sakit, lakin diqqətlə izləyirdilər; illüminatorun yanında söhbət edən iki nəfər yan-yana dayandı; müdiriyyətin maraq göstərməyə başladığı yerdə araya girməli olmadığını hesab edən stüard geri çəkildi. Qapının yanında dayanmış ocaqçı gərgin vəziyyətdə onun köməyinə ehtiyac yaranacaq dəqiqəni gözləyirdi.
Karl öz hərəkəti ilə gizli cibini hamının qarşısında aşkara çıxartmaqdan qorxmayaraq, əlini oraya saldı, və özünü təqdim edirmiş kimi, xarici pasportunu çıxarıb açıq şəkildə masanın üzərinə qoydu. Pasport baş kassirə tamamilə lazımsız göründüyü üçün çırtma ilə onu kənara itələdi, Karl da bununla məsələnin formal tərəfinin bitdiyini hesab edib onu yenidən cibinə gizlətdi.
– İcazə verin deyim ki, – oğlan sözünə başladı, – fikrimcə cənab ocaqçıya qarşı ədalətsizlik edilmişdir. Burada ona tor quran Şubal adlı birisi var. Cənab ocaqçı sizə adlarını sadalaya biləcəyi çoxlu gəmilərdə xidmət etmişdir, o çalışqandır, işini səylə yerinə yetirir və doğrudan da aydın deyil ki, niyə yelkənli gəmi ilə müqayisədə xidmətin o qədər də çətin olmadığı məhz bu gəmidə o yerinə düşməmiş hesab edilir. Deməli yalnız böhtan ona xidmətdə irəliləməyə mane olur və onu başqa hallarda mütləq qazanacağı təqdirdən məhrum edir. Mən ancaq işin məğzin söylədim, konkret şikayətlərini o özü deyəcək.
Karl öz nitqini bütün cəmiyyətə yönəltmişdi, əslində hamı da ona qulaq asırdı; onların arasında ədalətli bir insan tapıla bilərdi, özü də bu, mütləq baş kassir olmalı deyildi. Həm də Karl biclik işlədib, ocaqçı ilə təzəcə tanış olduğunu gizlətmişdi. Oğlan indi durduğu yerdən əl çubuğu gəzdirən adamın pörtmüş sifətini görməsəydi, daha bəlağətli danışa bilərdi.
– Bütün bunlar, birinci sözdən sonuncusuna qədər tamamilə doğrudur, – ocaqçı, kimsə ona sual verməyə və ya heç olmasa ona tərəf baxmağa macal tapmamış dedi. Ordenli cənab – Karlın gümanına görə bu ancaq kapitan ola bilərdi – ona qulaq asmağa qərar verməsəydi, ocaqçının bu tələskənliyi böyük səhvə çevrilə bilərdi. O, amiranə surətdə əlini qaldırdı və ucadan «Bura yaxınlaşın!» dedi. Onun səsi çəkiclə döyməyə hazır olan dəmir kimi idi. İndi hər şey ocaqçıdan asılı idi, çünki Karl onun şikayətlərinin ədalətli olmasına şübhə etmirdi.
Xoşbəxtlikdən məlum oldu ki, ocaqçı dünyanı havayı yerə gəzməyib. Tələsmədən, özünə hörmətlə sandığından kağızlar bağlısını və qeyd kitabçasını çıxarıb, belə də olmalıymış kimi, baş kassirə etina etmədən, kapitana yaxınlaşdı və öz sübutlarını pəncərənin qarşısına düzdü. Baş kassirin yaxına durmaqdan başqa əlacı qalmadı.
– Bu adam məşhur fitnəkardır, – kassir izah etdi, – maşın şöbəsindən olmaqdan da daha artıq dəftərxanada avaralanır. Şubalı, bu səbrli adamı, tam çıxılmaz vəziyyətə gətirib. Qulaq asın! – ocaqçıya müraciət etdi. – Sizin zəhlətökənliyiniz doğrudan da son həddə çatıb. Sizi, tam və son dərəcə cəfəng iddialarınızla haqq etdiyinizdən, neçə dəfə mühasibatlıqdan qovublar! Siz neçə dəfə oradan qaçıb mənim yanıma gəlmisiniz! Mən sizə neçə dəfə yaxşılıqla izah etmişəm ki, Şubal sizin birbaşa rəisinizdir, siz də tabeliyində olan adam kimi onunla yola getməyə borclusunuz! İndi isə utanmadan bura gəlib kapitanın zəhləsini tökürsünüz və özünüzlə sizin bayağı ittihamlarınızı əzbərləyib təkrar edən və mənim gəmidə birinci dəfədir ki, gördüyüm züytutan gətirməyə də sırtıqlığınız çatır!
Karlın könlündən elə hey irəli dürtülmək keçirdi, amma özünü saxlayırdı. Amma bu yerdə kapitan işə qarışdı:
– Hər halda, gəlin bu adama qulaq asaq. Mənə də elə gəlir ki, Şubal müəyyən müddətdir ki, öz səlahiyyətlərini aşır, lakin mən bunu sizə bəraət qazandırmaq üçün demirəm.
Son sözlər ocaqçıya aid idi; təbii ki, kapitan o dəqiqə onu müdafiə edə bilməzdi, amma deyəsən hər şey lazım olan kimi gedirdi. Ocaqçı izahat verməyə başladı və zorla da olsa Şubalı «cənab» rütbəsinə yüksəltdi. Karl isə baş kassirin buraxıb getdiyi masanın yanında dayanıb, məmnunluğundan poçt tərəzisini yellədərək bütün qəlbi ilə sevinirdi.
– Cənab Şubal haqsızdır! Cənab Şubal xaricilərə himayədarlıq edir! Cənab Şubal məni maşın bölməsindən qovmuş və ayaqyoluları təmizləməyə məcbur etmişdir ki, bu da ocaqçının vəzifəsinə aid deyildir!
Hətta cənab Şubalın işgüzarlığı belə şübhə altına qoyulmuşdu: yəni o, əslində gerçək olmaqdan daha artıq xəyalidir. Bu yerdə Karl, sanki həmkarı imiş kimi, kapitana baxdı, yəni nə etmək olar ki, ocaqçının ifadə tərzi belədir. Bununla belə bu uzun nitqdə konkret heç nə eşidilmədi və kapitan bu dəfə ocaqçını axıra qədər dinləməyi qəti qərara alıb, hələ də qarşı tərəfə baxmağı davam etdirsə də, qalanları artıq səbirsizlik nişanələri göstərirdilər. Bir qədər sonra ocaqçının səsi ümumi diqqət mərkəzi olmaqdan çıxdı ki, bu da müəyyən təhlükə yaratmağa başladı. Əvvəlcə mülki geyimli adam bambuk əl ağacını işə saldı, zəif eşidilsə də onunla döşəməni taqqıldatmağa başladı. Qalanları oyan-bu yana baxırdılar; liman idarəsindən olan məmurlar, yəqin ki, tələsdikləri üçün, yenidən sənədləri götürüb, hələlik bir qədər dalğın nəzərlərlə də olsa onları gözdən keçirməyə başladılar; zabit yenidən stulunu yaxına çəkdi, baş kassir isə, qalib gəldiyini fikirləşərək, istehzalı təbəssümlə dərin köks ötürdü. Ümumi dalğınılıq, deyəsən, təkcə dünyanın güclülərinin dabanı altında kiçik adamın çəkdiyi əzabları müəyyən dərəcədə öz təcrübəsindən bilən stüarda toxunmamışdı. O, Karla baxıb, sanki hərəkətiylə nəyisə izah etməyə çalışaraq, ciddi-ciddi başını tərpədirdi.
Bu zaman isə pəncərənin arxasındakı liman öz həyatı ilə yaşayırdı, diyirlənib düşməmələri üçün bir-birinin üstünə böyük ustalıqla dağ kimi yığılmış çəlləkləri daşıyan alçaq barja gəminin yanından keçərək, otağı bir dəqiqəliyə yarıqaranlığa bürüdü; Karlın, vaxtı olsaydı, indi diqqətlə nəzərdən keçirə biləcəyi katerlər sükançıların qüvvətli əllərinə tabe olaraq, ox kimi irəli şütüyürdülər. Qəribə üzən əşyalar orda-burda gözlənilmədən suyun üzünə qalxır və seyrçilərin təəccüblü baxışları altında, yenidən suyun altında gizlənirdilər; gümrah avarçı matroslar okean paroxodlarının ağzına kimi sərnişinlə dolu qayıqlarını irəli aparırdılar. Qayıqların hər tərəfdən bir-birinə sıxılmış sərnişinləri əksəriyyəti ürkək də olsa ümidlə oturmuşdular, hərçənd bəziləri dəyişkən mənzərəni seyr etmək imkanını əldən verməmək üçün başlarını o yan-bu yana döndərirdilər. Sonsuz hərəkət və heç zaman sakitləşməyən ətraf mühitin narahatlığı kiçicik adamlara və onların əməyinin bəhrələrinə də keçirdi.
Hər şey də cəldliyə, aydınlığa, öz vəzifələrinin tam dəqiq yerinə yetirilməsinə çağırırdı, bəs ocaqçı nə ilə məşğul idi? O, öz nitqindən başdan-ayağa tərləmişdi və artıq çoxdan öz kağızlarını, titrəyən əlləri ilə, pəncərənin qabağında saxlaya bilmirdi; dünyanın hər tərəfindən ona Şubaldan şikayətlər gəlirdi və bu şikayətlərin hər biri, ocaqçının fikrincə, bu Şubalı məhv etmək üçün tamamilə yetərli idi, o isə kapitana yalnız kədərli qatma-qarışıqlıq təqdim edə bilmişdi. Bambuk əl ağacı gəzdirən cənab çoxdandır ki, tavana baxaraq yüngülcə fit çalırdı; liman məmurları masanın arxasındakı zabiti mühasirəyə almışdılar və bütün görkəmləri ilə onu azad etmək fikrində olmadıqlarını göstərirdilər; baş kassiri söhbətə müdaxilə etməkdən ancaq kapitanın sakitliyi çəkindirirdi; stüard «farağat» vəziyyətində dayanıb hər dəqiqə kapitanın ocaqçı barəsində göstərişini gözləyirdi.
Artıq bu şəraitdə Karl passiv qala bilməzdi. O, yolboyu işi daha ustalıqla necə yoluna qoya biləcəyini fikirləşərək, asta-asta ocaqçıya doğru getdi. Müdaxilə etmək vaxtı idi, bir qədər də belə davam etsə ocaqçı ilə birlikdə otaqdan bayıra atılacaqdı. Kapitan, əlbəttə, xeyirxah adamdır, həm də, Karlın fikrincə, indi ədalətli rəis rolunda çıxış etməsi üçün xüsusi əsaslara malik idi, amma onu boş sözlərlə təngə gətirmək olmazdı; ocaqçı isə sonsuz hiddətindən də olsa, məhz bunu edirdi. Beləliklə Karl ocaqçıya müraciət etdi:
– Siz daha sadə, daha aydın danışmalısınız, cənab kapitan sizin dolaşıq söhbətinizi anlamaq iqtidarında deyil. Məgər o, bütün maşinist və kuryerləri, adı bir yana, soyadı ilə tanıyır ki, siz ağzınızı açan kimi söhbətin kimdən getdiyini duysun? Şikayətlərinizi qayda ilə söyləyin; ən əsasını birinci, sonra isə böyükdən balacaya keçməklə qalanlarını; bəlkə bu vaxt əksəriyyətini deməyə ehtiyac da qalmayacaq. Axı bunları mənə çox aydın söyləmişdiniz!
«Amerikada çamadanları oğurlamaq olursa, hərdən bir yalan danışmaq da günah deyil» – özünü təmizə çıxarmaq üçün düşündü.
Heç olmasa bu kömək edəydi! Görəsən çox gec deyil ki? Düzdür, ocaqçı tanış səsi eşidən kimi susdu, lakin kişi heysiyyətinə toxunulmaqdan, dəhşətli xatirələrdən və hazırkı son dərəcə ağır vəziyyətdən yaşla dolmuş gözləri Karlı əməlli-başlı seçə bilmirdi. Özü də məhz indi, – Karl susmuş ocaqçını sözsüz anladı, – məhz indi öz ifadə tərzini necə dəyişəcəkdi, axı hesab edirdi ki, zərrə qədər şəfqət oyada bilməsə də, artıq hər şeyi deyib, eyni zamanda da sanki hələ heç nə deməyib, amma ağaların onu sona qədər dinləyəcəyinə də ümid etmək mümkün deyil! Məhz belə bir anda onun yeganə müttəfiqi olan Karl söhbətə müdaxilə edir, yaxşı məsləhət vermək istəyir, əvəzində isə hər şeyin artıq məhv olduğu faktını təsdiq edir!
«Gərək, pəncərəyə baxmaq yerinə, bir qədər əvvəl müdaxilə edəydim», – Karl ocaqçının baxışları altında başını aşağı əyib, ümidsizlikdən əllərini dizlərinə çırparaq öz-özünə dedi. Lakin ocaqçı onun hərəkətini düzgün anlamadı və güman ki, Karlın davranışında özünə gizli bir qınaq hiss edib, Karlı fikrindən döndərmək üçün onunla mübahisəyə başladı. Özü də dəyirmi masanın arxasındakı cənabların onların vacib işinə mane olan bu mənasız küyə çoxdan acıqları tutduğu, kapitanın dözümünə məəttəl qalmış baş kassirin partlamağa hazır olduğu, yenidən tamamilə ağaların tərəfinə keçmiş stüardın baxışı ilə ocaqçını külə döndərməyə çalışdığı və, nəhayət, kapitanın da ara-sıra dostcasına nəzər saldığı əl ağaclı cənabın ocaqçıya qarşı tam soyuduğu, hətta ona nifrət bəsləməyə başladığı, cib dəftərini çıxararaq öz işləri haqqında düşündüyü və ara-sıra baxışlarını dəftərçədən Karla və geriyə çevirdiyi bir vaxtda.
– Axı mən bilirəm, – Karl artıq ocaqçının ona doğru yönəlmiş söz püskürtüsünün qarşısını almaq məqsədiylə, lakin bununla belə ona dostcasına gülümsəyərək dedi, – siz haqlısınız, haqlısınız, mənim buna heç bir şübhəm yoxdur. – O, dava düşə biləcəyi qorxusundan, əl-qol atan ocaqçının əllərindən məmnuniyyətlə tutub, onu bir kənara çəkər və heç kimin eşitməməsi üçün, bir neçə sakitləşdirici söz pıçıldayardı. Lakin ocaqçı artıq dəhnəni dişləmişdi. İndi Karl son nəticədə ocaqçının buradakı yeddi adamı öz ümidsiz vəziyyətinin gücü ilə fəth edəcəyi fikrindən müəyyən təskinlik tapmağa çalışırdı. Yeri gəlmişkən, diqqətlə baxanda görünürdü ki, yazı masasının üstündə çoxlu elektrik düymələri olan pult var; əlini ona vur, bütün gəmi, düşmən adamlarla dolu olan dəhlizləri ilə birlikdə, ayağa qalxsın.
Bu an, bambuk əl ağaclı laqeyd cənab Karla yanaşdı və ucadan olmasa da ocaqçının küyünü üstələyən aydın səslə soruşdu:
– Sizin özünüzün adı nədir?
Bu yerdə, sanki bu sualı gözləyirmiş kimi, kimsə qapını döydü. Stüard kapitana baxdı, o isə başını tərpətdi. Stüard qapıya yaxınlaşıb onu açdı. Astanada dolu bədənli, köhnə sürtük geyinmiş, zahirən maşınlarla işləməyə o qədər də uyğun görünməyən kişi dayanmışdı, amma onun Şubal olduğuna şübhə yox idi. Karl bunu içəridəkilərin, o cümlədən də kapitanın, simalarında yaranmış müəyyən məmnunluqdan hiss etməsəydi belə, yanına sallanmış əllərinin yumruqlarını – bu hərəkətin həyatını qurban verə biləcəyi qədər vacib olduğunu göstərən dərəcədə – düyünləmiş ocaqçının vahiməsindən mütləq anlayardı. Onun bütün gücü – ayaq üstə dayanmasına kömək edən hissəsi belə – bu sıxılmış yumruqlarına dolmuşdu.
Budur, özünün nümayiş geyimində, azad və gümrah düşmən, qoltuğunun altında kantor kitabı – güman ki, bunlar ödəmə vərəqləri və ocaqçının xasiyyətnamələri idi – adamların münasibətini öyrənmək istədiyini gizlətmədən növbə ilə hər bir şəxsin gözünün içinə baxır. Artıq yeddi nəfərin hamısı onun tərəfində idi, çünki əvvəldə kapitanın ona qarşı hər hansı obyektiv və ya, heç olmasa, uydurma tələbləri var idisə də, ocaqçının verdiyi işgəncədən sonra, güman ki, Şubal ona nöqsansız işçi kimi görünəcəkdi. Ocaqçı kimiləri ilə yumşaq davranmaq olmaz və Şubalı yalnız bir şeydə, indi kapitanın yanına gəlməyə cürət etmiş ocaqçının inadını bu qədər uzun müddət ərzində qıra bilməməkdə ittiham etmək olardı.
İndi, güman etmək olardı ki, ocaqçı və Şubalın üzləşdirilməsi bu adamlara ali məclisə təsir edəcək qədər təsir göstərəcək, çünki Şubal riyakarlığı yaxşı bacarsa da, çətin ki, öz rolunu sona qədər oynaya bilsin. Onun hirsinin qısaca bir partlayışı kifayətdir ki, otaqdakılar bunu görsünlər; Karlın bunun qayğısına qalacağına şübhə yox idi. O, artıq hər bir şəxsin bəsirəti, zəif tərəfləri, tərsliyi barəsində müəyyən şeyləri bilirdi və bu mənada burada olduğu vaxtı hədər keçirməmişdi. Bircə ocaqçı özünü saxlaya bilsəydi. Amma o, heç döyüş qabiliyyətli görünmürdü. Şubalı onun yanına gətirsəydilər, yəqin ki, onun nifrət etdiyi kəlləsini yumruqları ilə dağıda bilərdi. Lakin özünün bu adama tərəf bir neçə addım atmasına ocaqçının gücü çatmazdı.
Nəyə görə bu qədər ehtiyatlı olan Karl Şubalın öz təşəbbüsü ilə olmasa da kapitanın çağırışı ilə bura gələcəyini öncədən nəzərə almamışdı? Nəyə görə ocaqçı ilə bura gələndə, yol boyu, onunla dəqiq fəaliyyət planını müzakirə etməmişdi – əslində onlar bu qapıya tam hazırlıqsız girmişdilər. Ocaqçı ümumiyyətlə, ən yaxşı halda baş tuta biləcək çarpaz dindirmə zamanı suallara, tələb olunan qaydada, «hə» və «yox»la cavab verməyə qabildir? Odur durub, ayaqlarını aralı qoyub, dizləri əsir, başını bir qədər qaldırıb və hava açıq udlağında xışıldayır, sanki daha nəfəs almaq üçün, sinəsində ciyərləri yoxdur.
Karl isə özünü evlərində heç vaxt olmadığı qədər güclü və dərrakəli hiss edirdi. Kaş valideynləri onun yad yerdə, hörmətli şəxslərin qarşısında yaxşılığı necə müdafiə etdiyini görəydilər; hələ qalib gəlməyibsə də, sona qədər vuruşmağa hazırdır! Görəsən, onun haqqında fikirlərini dəyişərdilər? Özləri ilə birlikdə masa arxasına oturdardılar? Tərifləyərdilər? Sonsuz fasilədən sonra onun sevən gözlərinə baxardılar? Mənasız suallardır və onları verməyin heç vaxtı deyil!
– Mən, ocaqçının məni hansısa çirkin hərəkətlərdə ittiham etdiyini güman edərək gəlmişəm. Kambuzdan olan qız onun bura istiqamət götürdüyünü mənə dedi. Cənab kapitan və bütün burada olan cənablar, mən özümə qarşı irəli sürülən bütün ittihamları sənədli surətdə, lazım gələrsə isə qapının arxasında gözləyən obyektiv və bitərəf şahidlərin ifadələri ilə təkzib etməyə hazıram. – Şubal belə deyirdi. Hər halda bu, anlaşıqlı insan nitqi idi və qulaq asanların sifətlərinin ifadəsindən onların uzun müddətdən sonra, birinci dəfədir ki, anlaşılan səslər eşitdiklərini fikirləşmək olardı. Düzdür, onlar bu gözəl nitqin də müəyyən kələ-kötürlüyə malik olduğunu hiss etmədilər. Nəyə görə onun ağlına gələn ilk ifadə «çirkin hərəkətlər» olmuşdu? Bəlkə ittihamı da Şubalın milli ayrı-seçkiliklə bağlı fikirlərindən yox, məhz bundan başlamaq lazım idi? Kambuzdan olan qız ocaqçının dəftərxanaya gəldiyini görmüşdü və Şubal da o dəqiqə hər şeyi anlamışdı? Bunu anlamağa sövq edən günah hissi deyildimi? O dəqiqə də özüylə şahidlər gətirmiş və hətta onları «obyektiv» və «bitərəf» adlandırmışdı? Fırıldaqçılıqdır, vəssalam!
Otaqdakılar isə buna dözür və, hətta, belə hərəkəti düzgün hesab edirlər?
Qızla danışığı ilə bura gəlməyi arasında keçən bu qədər uzun müddət onun nəyinə lazım olmuşdu? Onun üçünmü ki, ocaqçı nəhayət ağaları yorsun və onların mühakimə qabiliyyətləri korşalsın, çünki Şubal birinci növbədə məhz mühakimə qabiliyyətindən qorxurdu. Aydın idi ki, o, uzun müddət qapının arxasında dayanmış və onu bu cənabın mənasız sualında ocaqçının işi bitdiyi fikrinin təsdiqini tapdığı an döymüşdü.
Hər şey aydın idi, Şubal, öz istəyinin əksinə olsa da, işi belə təqdim etmişdi, amma cənablara bunu başqa cür, daha əyani göstərmək lazım idi. Onları silkələməyə ehtiyac var idi. Ona görə də, Karl tez ol, nə qədər ki, şahidlər dəftərxanaya doluşmayıblar fürsəti qaçırma!
Kapitan da elə məhz bu vaxt Şubala işarə etdi, o da – işini qısa müddətə də olsa təxirə saldıqlarından – cəld kənara çəkildi və ona qoşulmuş stüardla yavaşca söhbət etməyə başladı; özü də bu vaxt onlar çoxmənalı jestlər edir və hər dəqiqə Karl və ocaqçıya baxırdılar. Sanki Şubal yeni nitqini məşq edirdi.
– Cənab Yakob, siz deyəsən cavan oğlandan nəsə soruşmaq istəyirdiniz? – yaranmış sakitlikdə kapitan bambuk əl ağaclı cənaba müraciət etdi.
– Elədir, – cənab yüngül təzimlə kapitana diqqətinə görə təşəkkür edərək dedi. Və bir daha Karldan soruşdu: – Bəs sizin adınız nədir?
Karl əsas işin xeyrinə bu təkidli sualçının müdaxiləsinə tez son qoymaq lazım olduğunu düşünərək, bu dəfə, həmişəkindən fərqli olaraq, gizli cibindən çıxartmalı olacağı pasportu təqdim etmədən qısaca cavab verdi:
– Karl Rossman.
– Amma, – cənab Yakob adlandırdıqları şəxs dedi və bir qədər şübhəylə gülümsəyib, sanki bir qədər uzağa durmaq istədi.
Kapitan, baş kassir, gəmi zabiti və hətta stüard da Karlın adını eşidəndə, son dərəcə təəccübləndiklərini açıq-aşkar biruzə verdilər. Yalnız liman məmurları və Şubal buna laqeyd yanaşdılar.
– Amma, – cənab Yakob təkrar etdi və bir qədər qətiyyətsiz addımlarla Karla doğru getdi, – belə isə mən sənin dayın Yakob, sən isə mənim əziz bacıoğlumsan. Mən həmişə bunu hiss edirdim! – o, baş verənləri səssiz-səmirsiz qəbul edən Karlı qucaqlayıb öpməzdən əvvəl kapitana dedi.
– Sizin adınız nədir? – cənabın onu ağuşundan buraxdığını hiss edən Karl kifayət qədər hörmətlə, lakin tamamilə soyuqqanlı və fikrində bu hadisənin ocaqçı üçün hansı nəticələrə gətirə biləcəyini əvvəldən tapmağa çalışaraq soruşdu. Bunun Şubala xeyri olmayacağı ilk baxışdan məlum idi.
– Cavan oğlan, nə qədər bəxtəvər olduğunuzu başa düşün! – Karlın sualında cəmiyyətə özünün cib dəsmalı ilə silməkdə olduğu həyəcanlanmış sifətini göstərmək istəmədiyi üçün pəncərə tərəfə getmiş cənab Yakobun heysiyyətinə toxunacaq bir şeylər hiss edən kapitan ucadan dedi. – Bu, cənab senator Edvard Yakobdur və o, sizin dayınızdır. Bundan sonra sizi parlaq gələcək gözləyir, siz güman ki, bunu heç cür gözləmirdiniz. Bunu mümkün qədər anlamağa çalışın və özünüzü ələ alın!
– Əlbəttə, mənim Amerikada Yakob dayım, anamın qardaşı var, onun da adı Yakobdur, lakin soyadı, təbii ki, mənim anamın qızlıq soyadı ilə eyni – Bendelmayerdir.
– Cənablar! – pəncərənin yanındakı sığınacağından cəld geri qayıdan senator, Karlın sözlərini nəzərdə tutaraq az qala qışqırdı.
Liman məmurlarından başqa hamı – bir hissəsi sanki təsirlənərək, digərləri isə donuq sifətlə – ucadan güldü.
«Mənim dediyim o qədər də məzəli deyildi», – Karl fikrindən keçirdi.
– Cənablar, – senator təkrar etdi, – mənim və sizin istəyinizə zidd olaraq, siz kiçik ailə səhnəsinin iştirakçısı oldunuz, ona görə də mən sizə izahat verməyə bilmərəm, çünki, gümanıma görə ancaq cənab kapitan, – bu yerdə onlar bir-birinə yüngül təzim etdilər, – məsələdən tam halıdır.
«İndi mən doğrudan da hər sözə diqqətlə qulaq asmalıyam» – Karl fikirləşdi və kənara baxaraq, sevinclə ocaqçının yavaş-yavaş həyata qayıtdığını gördü.
– Amerikada olduğum uzun illər ərzində – əlbəttə «olmaq» sözü Amerika vətəndaşına, mən isə sümüklərimin iliyinə qədər Amerika vətəndaşıyam, uyğun gələn söz deyil, – özümün avropalı qohumlarımla heç bir əlaqəm olmayıb; birincisi bunun səbəblərinin buradakılara bir aidiyyəti yoxdur, ikincisi isə bu barədə danışmaq mənim üçün çox ağırdır. Mən onları sevimli bacıoğluma açacağım andan qorxuram da, hərçənd, çox ehtimal ki, onun valideynləri və yaxınları haqqında açıq danışmaqdan qaçmaq da mümkün olmayacaq.
«Onun mənim dayım olmasına heç bir şübhə yoxdur; yəqin sadəcə soyadını dəyişib», – Karl öz-özünə dedi və qulaq asmağa davam etdi.
– Hal-hazırda valideynləri – gəlin hər şeyi öz adıyla çağıraq – zəhlətökən pişiyi evdən bayıra çıxartdıqları kimi, mənim əziz bacıoğlumu da evdən bayıra atıblar. Bacıoğlumun tutduğu və buna görə də cəzalandırıldığı işləri təmizə çıxarmaq istəmirəm, lakin bu, adının özündə kifayət qədər üzr olan işlərdəndir.
«Pis səslənmir», – Karl fikirləşdi, – amma, yenə də onun hər şeyi danışmasını istəməzdim. Hərçənd o hər şeyi bilə də bilməz. Haradan bilsin ki?»
– Beləliklə, – dayı bambukdan olan əl ağacını qarşısına qoyub, bir qədər əyilərək ona söykəndi və bununla da vəziyyəti çulğaması qaçılmaz görünən lazımsız ciddiyyəti aradan qaldıra bildi, – beləliklə İohanna Brummer adlı, otuz beş yaşlı qulluqçu qadın onu başdan çıxartmışdır. «Başdan çıxartmışdır» deməklə bacıoğlumun xətrinə dəymək istəmirəm, lakin bu qədər yerinə düşən başqa bir söz tapmaq çətindir.
Dayısına artıq kifayət qədər yaxınlaşmış Karl, dayısının dediklərinin otaqdakılara necə təsir etdiyini onların üzündən oxumaq üçün başını qaldırdı. Heç kim gülmürdü, hamı ciddi və səbrlə qulaq asırdı. Həm də senatorun bacısı oğluna ilk imkan düşən kimi gülmürlər. Təkcə ocaqçının Karla yüngülcə gülümsədiyini qeyd etmək olardı, amma bu, birincisi həyata qayıtmağın yeni əlaməti, ikincisi isə tamamilə bağışlanılan idi, çünki Karl kayutda indi ictimaiyyətə məlum olmuş faktı gizlətmişdi
– Və bu Brummer, – dayı davam etdi, – mənim bacıoğlumdan, xaç suyuna çəkmə zamanı, şübhəsiz ki, bacıoğlumun sözarası yada salmış olduğu, lakin xoşbəxtlikdən qızda güclü təəssürat buraxmış sadə şəxsimin şərəfinə Yakob adı verilmiş möhkəm bir oğlan uşağı doğub. Niyə xoşbəxtlikdən? Çünki valideynlər uşağı saxlama xərclərindən və ümumiyyətlə onlara toxuna biləcək hər cür qalmaqaldan qaçmaq üçün, – nə oranın qanunlarını, nə də onun valideynlərinin vəziyyətini bilmədiyimi bir daha vurğulamaq istəyirəm, – beləliklə, uşağı saxlamaq üçün vəsait verməmək və başqa qalmaqallardan qaçmaqdan ötrü öz oğlanlarını, mənim əziz bacıoğlumu məsuliyyətsiz olaraq kiçik maliyyə vəsaiti ilə təchiz edərək Amerikaya yollamışlar; yalnız Amerikada hələ də baş verməkdə davam edən möcüzələr olmasaydı özbaşına qalmış yeniyetmə, ehtimal ki, həmin saat Nyü-Yorkun dalanlarından birində itib-batacaqdı, amma xoşbəxtlikdən həmin xidmətçi qadın mənə məktub yazmış – bu məktub uzun səyahətdən sonra srağagün mənim əlimə çatıb – və baş verənlər və bacıoğlumun zahiri görkəmini təsvir etməklə yanaşı, orada, tədbirlə, gəminin adını da qeyd edib.
– Cənablar, əgər mən sizi əyləndirmək fikrində olsaydım, sizə məktubdan ayrı-ayrı hissələri oxuyardım. – O, cibindən iki böyük xırda hərflərlə sıx yazılmış poçt kağızı çıxartdı və onları yellədi. – Məktub, əlbəttə ki, güclü təəssürat yaradardı, çünki müəyyən sadəlövh, lakin daim xeyirxah bir biclik və uşağın atasına böyük sevgi ilə yazılmışdır. Lakin mən nə sizi izahatımla lazım olandan artıq əyləndirmək, nə də bacıoğlumun – istəsə, ibrət almaq üçün, məktubu artıq onu gözləyən otağın sakitliyində oxuya bilər – ola bilsin ki, hələ də yaşayan hisslərini təhqir etmək istəmirəm.
Lakin Karl bu qıza heç bir hiss bəsləmirdi. Qız, keçmişin getdikcə uzaqlaşan hadisələrində, qapağına dirsəkləndiyi mətbəx masasının yanında otururdu. Karl atası üçün bir stəkan su götürmək və ya anasının hansısa tapşırığını yerinə yetirmək üçün mətbəxə girəndə qız ona baxırdı. Bəzən İohanna bufetin yanında narahat pozada durub, Karlın simasından ilham alaraq məktub yazırdı. Bəzən əlləri ilə gözünü örtür və ətrafdakı heç nəyi eşitmirdi. Vaxtaşırı özünün mətbəxlə yanaşı olan darısqal hücrəsində dizi üstünə çöküb, ağacdan yonulmuş çarmıx qarşısında dua edirdi; həmin anlarda Karl oradan ötərkən aralı qalmış qapının yarığından ürkəkcəsinə qıza baxırdı. Hərdən mətbəxdə var-gəl edir və Karlla rastlaşanda ucadan, əcinnə kimi qəhqəhə çəkərək geri sıçrayırdı.
Ya da Karl içəri girəndə mətbəx qapısını bağlayır və oğlan onu buraxmağını xahiş edənə qədər dəstəyindən tutub dururdu. Bəzən qız lazım olmayan əşyaları götürür və dinmədən onun ovcuna soxurdu. Lakin bir dəfə qız ona «Karl» dedi, həsrətlə içini çəkə-çəkə, əzilib-büzülərək, gözlənilməz müraciətdən özünü itirmiş oğlanı öz otağına çəkdi və qapını içəridən bağladı. Oğlanı az qala boğulana qədər qucaqlayıb, onu soyundurmasını xahiş etdi, əslində isə özü oğlanı soyundurub, sanki bundan sonra ona şəriksiz sahib olmaq, ömrünün sonuna qədər əzizləmək və qulluq etmək istəyirmiş kimi öz yatağına uzatdı. Qız gözləri ilə öz əsirini yeyərək, ehtirasla «Karl! Mənim Karlım!» qışqırır, o isə heç nə görmürdü və qızın, deyəsən, xüsusi olaraq onun üçün üst-üstə yığdığı isti tük döşəkçələrin üstündə özünü narahat hiss edirdi.
Sonra qız onun yanına uzandı və ondan hansısa sirlərini almağa çalışdı, lakin oğlanın danışmalı bir sözü olmadığından, yarızarafat-yarıgerçək hirsləndi, onu dartışdırmağa başladı, qulağını onun sinəsinə söykəyib ürəyinin necə döyündüyünə qulaq asdı, özünün ürəyinin səsinə qulaq asmağı təklif etdi, lakin Karl buna qəti etiraz etdi; lüt qarnı ilə onun bədəninə sürtüdü, əli ilə bədəninin aşağısına elə iyrənc və ayıbcasına toxundu ki, Karl başını və boğazını balışların altından çıxartmalı oldu; sonra qız qarnı ilə onu, sanki bədəninin bir hissəsinə çevrilmiş kimi, bir neçə dəfə itələdi və güman ki, elə buna görə oğlan özünü dəhşətli dərəcədə aciz hiss etdi. Nəhayət uzun çəkən xudahafizləşmədən sonra oğlan gözüyaşlı öz yatağına qayıtdı. Olanlar bu idi, amma dayısı bundan böyük bir əhvalat düzəltməyi bacarmışdı. Deməli mətbəx xidmətçisi nəinki onu yaddan çıxartmamışdı, hələ onun gələcəyi barəsində dayısına xəbər də vermişdi. Qadın bunu yaxşı fikirləşmişdi və yəqin ki, nəvaxtsa oğlan ona təşəkkürünü bildirəcəkdi.
– İndi isə, – senator ucadan soruşdu, – məni öz dayın hesab edirsən, ya yox.
– Sən mənim dayımsan, – Karl dedi və onun əlini öpdü, o isə oğlanın alnından öpdü. – Mən səninlə rastlaşdığıma çox şadam, amma valideynlərimin sənin haqqında həmişə yaman söyləmələri fikrin yanlışdır. Hələ onu demirəm ki, sənin dediklərində müəyyən səhvlər var, əslində hadisələrin bir qədər fərqli baş verdiyini nəzərdə tuturam. Hərçənd sən burada dayanıb oradakı bütün hadisələr barəsində düzgün mülahizə yürüdə də bilməzsən, həm də fikrimcə burada olanların onlar üçün xüsusi maraq kəsb etməyən məsələ haqqında məlumatlarının səhih olmaması qorxulu da deyil.
– Əla deyilib, – senator Karlı, rəğbət bəslədiyi açıq-aşkar hiss edilən kapitana tərəf apardı və soruşdu: – Bacıoğlum əladır, elə deyil?
– Mən şadam, – kapitan hərbi təhsilini nəzərə çarpdıran təzimlə dedi, – cənab senator, sizin bacıoğlunuzla ilə tanış olmağıma çox şadam. Belə bir görüşün mənim gəmimdə baş verməsi xüsusi şərəfdir. Düzdür, dördüncü siniflə səyahət etmək güman ki, bir qədər yorucudur, amma kimi apardığını haradan biləsən. Əlbəttə, biz başqa Amerika şirkətləri ilə müqayisədə dördüncü siniflə üzənlərin səyahətini mümkün qədər rahat etməyə daha artıq çalışırıq, lakin təəssüf ki, belə reysi hələ tam ləzzətə çevirə bilməmişik.
– Bu mənə bir ziyan vurmayıb, – Karl dedi.
– Bu ona bir ziyan vurmayıb! – Senator təkrar edib, ucadan güldü.
– Sadəcə qorxuram ki, çamadanımı itirmiş olum… – Bu yerdə Karl baş vermişlərin və edilməli olanların hamısını xatırlayıb ətrafına baxdı: təəccüb və ehtiramdan karıxmış iştirakçılar baxışlarını ona dikərək, donub qaldılar. Təkcə liman məmurlarının üzündə – ümumiyyətlə onların sərt özündənrazılıq maskalarının altına baxmaq olurdusa – təəssüf oxunurdu: yəni, buraya belə bivaxt gəlmək gərək bizim bəxtimizə düşəydi! Deyəsən masanın üstündə qarşılarına qoyduqları cib saatları onlar üçün dəftərxanada baş verən və baş verə biləcəklərin hamısından daha vacib idi.
Təəccüblü də olsa, kapitandan sonra öz sevincini birinci ocaqçı bildirdi.
– Sizi ürəkdən təbrik edirəm, – dedi və Karlın əlini sıxdı. Bu hərəkətində minnətdarlığa bənzər bir şey sezildi. O, oxşar nitqlə senatora müraciət etmək istəyəndə, senator geri çəkildi və bu hərəkəti ilə ocaqçıya anlatdı ki, o, icazə verilənin həddini aşır; ocaqçı o dəqiqə öz məramından imtina etdi.
Qalanları nə etmək lazım gəldiyini axır ki, anladılar və Karlla senatorun ətrafında mərəkə başladı. Belə alındı ki, Karl hətta Şubalın da təbriklərini minnətdarlıqla qəbul etdi. Yenidən bərpa olunmuş sakitliyin içində sonuncu yaxınlaşan liman məmurları ingilis dilində bir-iki söz dedilər ki, bu da məzəli təəssürat yaratdı.
Senator sevinci tam dadmaq fikrində idi, ona görə də kiçik təfsilatları belə özünün və otaqda olanların hafizəsində möhkəmlətməyə çalışırdı, onlar da buna nəinki səbirlə, həm də maraqla yanaşırdılar. O bildirdi ki, hər ehtimala qarşı Karlın mətbəx xidmətçisinin məktubunda göstərilən xüsusi əlamətlərini öz qeyd dəftərçəsinə yazıbmış. Ocaqçının mənasız naqqallığı zamanı, bir qədər fikrini dağıtmaq və əylənmək xətrinə qeyd dəftərçəsini çıxarıb, Karlın zahiri görünüşünü, xidmətçinin əlbəttə ki, detektiv dəqiqliyindən uzaq olan təsviri ilə müqayisə etməyə çalışıb.
– Bacıoğluları bax belə tapırlar! – Senator bu sözləri elə bəyan etdi ki, sanki təbrikləri yenidən eşitməyə ümid edirmiş.
– Bəs ocaqçının işi necə olacaq? – Karl dayısının sonuncu sözlərini qulaqardına vurub soruşdu. O hesab edirdi ki, yeni vəziyyətində istədiyini söyləyə bilər.
– Ocaqçı layiq olduğunu və cənab kapitanın lazım bildiyini alacaq, – senator dedi. – Hesab edirəm ki, ocaqçı ilə boğaza qədər toxuq; bu məsələdə buradakıların hamısının mənimlə razılaşacağına şübhəm yoxdur.
– Amma məsələ bunda deyil, söhbət ədalətdən gedir, – Karl etirazını bildirdi. O, dayısı ilə kapitanın arasında dayanmışdı və buna görə də fərz edirdi ki, məsələnin həll onların əlindədir.
Ocaqçı isə deyəsən daha heç nəyə ümid etmirdi. O, barmaqlarını kəskin hərəkətlərindən güllü köynəyinin altından çıxdığı şalvarının qayışına keçirmişdi. Bu, onu heç narahat etmirdi; o, bütün bədbəxtliklərini ağlayıb qurtarmışdı – qoy sonda onun cır-cındırına da baxsınlar – onsuz da qapıdan bayıra çıxaracaqlar. Fikirləşdi ki, bu son «hörməti» ona rütbələri ən aşağı olan stüard və Şubal göstərəcəklər. Onda Şubal sakitləşəcək və bir də ümidsizliyə qapılmayacaq. Kapitan büsbütün rumınlardan ibarət komanda yığacaq, hər yerdə rumınca danışılacaq və onda, ola bilsin ki, hər şey doğrudan da qaydasına düşəcək. Ocaqçılar daha mühasibatlıqda naqqallıq etməyəcəklər; minnətdar yaddaşlarda ancaq onun bugünkü boşboğazlığı qalacaq, çünki cənab senatorun indicə bəyan etdiyi kimi, dolayısı ilə, bacıoğlusu ilə görüşməyə səbəb olub.
Yeri gəlmişkən, bu bacıoğlu bu gün bir neçə dəfə ona faydalı olmağa cəhd göstərib, ona görə də hesab etmək olar ki, göstərilmiş təsadüfi xidmətə – dayısıyla tanışlığa görə ona minnətdarlığını kifayət qədər bildirib; Karldan daha nəsə tələb etmək ocaqçının heç ağlına da gəlmirdi. Hərçənd o da, hələ ki, kapitan ola bilməyib, senatorun bacısı oğlu olmaq istərdi, lakin sonda yəqin elə kapitanın ağzından acıqlı sözlər eşidəcəkdi. Ocaqçı, öz məramına uyğun olaraq, Karla baxmamağa çalışırdı, lakin təəssüf ki, bu otaqda onun gözlərini sevindirəcək başqa bir şey qalmamışdı.
– Vəziyyəti səhv başa düşmə, – senator Karla dedi, – əlbəttə söhbət ədalətdən, amma eyni zamanda da intizamdan gedir. Hər ikisi, xüsusən də axırıncısı, cənab kapitanın sərəncamındadır.
– Elədir ki, var, – ocaqçı donquldandı. Buna diqqət verib onun sözlərini eşidənlər təəccüblə gülümsədilər.
– Yaxşı, biz onsuz da cənab kapitanın Nyu-Yorkda olmadığı müddətdə yığılıb qalaqlanmış işlərinə mane olduq və artıq gəmini tərk etməliyik, yoxsa allah eləməmiş kimi, bizim üzümüzdən, bu iki maşinistin mənasız mübahisəsi böyük qalmaqala çevrilə bilər. Hərçənd ki, əziz bacıoğlum, mən az-çox sənin niyyətini anlayıram və məhz bu mənə səni buradan tez aparmaq hüququ verir.
– Mən bu dəqiqə sizin üçün qayıq endirmələrini əmr edərəm, – kapitan dedi və Karl dayısının, öz şəxsiyyətini kiçiltmək kimi qəbul edilə biləcək bəyanatına kapitanın bir sözlə də olsa etiraz etmədiyinə təəccübləndi.
Baş kassir cəld masaya tərəf atıldı və telefonla kapitanın əmrini bosmana çatdırdı.
«Vaxt gözləmir, – Karl düşündü, – lakin mən heç kimin xətrinə dəymədən bir şey edə bilmirəm. Məni bu qədər çətinliklə tapmış dayımı tərk edə də bilmərəm. Düzdür, kapitan nəzakətlidir, lakin intizama gələndə bu xasiyyəti bitir və dayım, şübhəsiz ki, onun gizli fikirlərini dilinə gətirmişdi. Şuballa isə heç danışmaq da istəmirəm və ona əl verdiyimə də təəssüf edirəm. Burdakıların qalanı isə sadəcə tör-töküntüdür.
Bu fikirlərlə o, asta-asta ocaqçıya yaxınlaşdı, onun sağ əlini kəmərin altından çıxartdı və yüngülcə sıxdı.
– Sən niyə heç nə demirsən? – soruşdu. – Niyə bütün bunlara dözürsən?
Ocaqçı uyğun sözləri seçirmiş kimi sadəcə alnını qırışdırdı. O, gözünü çəkmədən Karla və onun əlinə baxırdı.
– Sənə haqsızlıq edilib, gəmidə heç kimə edilmədiyi qədər, mən bunu dəqiq bilirəm. – Karl barmağı ilə ocaqçının əlini tərpətdi, o isə işıq saçan nəzərləri ilə ətrafa baxdı, sanki üzərinə, heç kimin ondan ala bilməyəcəyi xoşbəxtlik enmişdi.
– Sən özünün uğrunda mübarizə etməlisən, razılaşmalı ya da inkar etməlisən, yoxsa bu adamlar həqiqəti bilməyəcəklər. Sən mənə söz verməlisən ki, məsləhətimə qulaq asacaqsan, çünki sənə bir daha kömək edə bilməyəcəyimdən qorxmağa ciddi səbəblərim var. – Bu yerdə Karl ocaqçının ovcunu öpərək ağladı; o, kələ-kötür, indi taqətsiz olan bu əli götürüb, vidalaşmalı olduğu xəzinə kimi öz yanağına sıxdı. Lakin bu zaman senator dayısı yanında peyda oldu və onu, yumşaq, lakin təkidlə kənara çəkdi.
– Bu ocaqçı sanki səni ovsunlayıb, – dayısı dedi və Karlın başının üstündən səmimiyyətlə kapitana baxdı. – Sən ona rast gələndə özünü tənha hiss edirdin, indi isə ona minnətdarsan ki, bu da təqdirə layiqdir. Lakin, heç olmasa mənim xətrimə, çox dərinə getmə və özünün indiki mövqeni nəzərə al.
Qapının arxasından səs-küy eşidildi, belə təəssürat yarandı ki, kimisə kobud şəkildə qapının üstünə itələdilər. Qadın önlüyü bağlamış, əməlli başlı çaş-baş qalmış matros içəri daxil oldu.
– Ora adamla doludur! – Sanki hələ də kütlənin arasından keçirmiş kimi dirsəyini geri ataraq, qışqırdı. Nəhayət özünə gəldi, farağat vəziyyəti almaq istədi, önlüyü gördü, onu qoparıb yerə atdı: – Əclaflar! Onlar mənə qadın önlüyü bağlayıblar! – qışqırdı, sonra dabanlarını bir-birinə vurub kapitana hərbi salam verdi. Kimsə gülmək istədi, amma kapitan ciddi şəkildə dedi:
– Şadlıq üçün səbəb görmürəm. Qapının arxasındakılar kimdir?
– Mənim şahidlərimdir, – Şubal qabağa duraraq dedi. – Mən onların yersiz zarafatlarına görə acizanə üzr istəyirəm. Reysdən sonra adamlar bəzən özlərini zəncirdən açılmış kimi aparırlar.
– Bu dəqiqə onları içəri çağırın! – Kapitan əmr verdi və senatora dönərək nəzakətlə lakin səbirsiz əlavə etdi: – İndi, hörmətli cənab senator, zəhmət olmasa bacıoğlunuzla birlikdə bu matrosun arxasınca gedin, o sizi qayığın yanına aparacaq. Cənab senator, sizinlə şəxsən tanış olmağın mənim üçün nə dərəcədə həzz və şərəf olduğunu sözlə demək çətindir. Amerika dəniz donanmasındakı vəziyyət haqqında yarımçıq qalmış söhbətimizi tezliklə bərpa etməyi və bu söhbətin bugünkü kimi sevindirici bir hadisədən yenidən kəsilməsini ürəkdən arzulayıram.
– Hələlik mənə bir bacıoğlu kifayətdir, – dayı gülümsəyərək dedi. – İndi isə lütfkarlığınıza görə mənim dərin minnətdarlığımı qəbul edin və salamat qalın! Hər halda Avropaya gedəcəyimiz halda, – Karlı nəvazişlə qucaqladı, – sizin cəmiyyətinizdən həzz ala biləcəyimiz də istisna deyil.
– Mən ürəkdən şad olardım, – kapitan cavab verdi. Onlar bir-birinin əlini möhkəm sıxdılar; Karl isə kapitana yalnız dinməzcə və ötəri əl verməyə imkan tapdı, çünki Şubalın başçılığı ilə bir qədər karıxmış, amma səs-küylə otağa doluşmuş təqribən on beş nəfər onu dövrəyə almışdı. Matros qabaqda getmək üçün senatordan icazə aldı və təzim edən adamların arasından ona və Karla yol açdı. Belə görünürdü ki, adi halda mehriban olan bu adamlar Şuballa ocaqçı arasındakı bu toqquşmanı əyləncə kimi qəbul edirlər və kapitanın burada olması belə onlara maneə deyil. Karl onların arasında kambuzdan olan qızı – Linanı gördü. Qız ona sevinclə göz vurub matrosun tulladığı önlüyü bağladı, axı bu məhz onunku idi.
Onlar matrosun arxasınca gedərək, dəftərxananı tərk edib, bir neçə addımdan sonra qapı ilə qurtaran kiçik dəhlizə döndülər. Qapıdakı qısa trap onlar üçün hazırlanmış qayığa enirdi. Başçılarının bir sıçrayışla atıldığı qayığın matrosları ayağa qalxıb hərbi salam verdilər. Senator Karlı ehtiyatla düşmək lazım olduğu barədə yenicə xəbərdar etmişdi ki, oğlan, elə yuxarı pillədəcə hönkürtü ilə ağlamağa başladı. Senator sağ əli ilə bacısı oğlunu qucaqladı, möhkəm özünə sıxdı, o biri əli ilə başını sığalladı. Beləcə – bir-birinə sıxılmış halda – asta-asta, pilə-pillə qayığa endilər. Senator Karl üçün özününkü ilə üzbəüz yaxşı bir yer seçdi. Matroslar senatorun işarəsi ilə qayığı gəmidən kənara itələdilər və o dəqiqə də ciddi cəhdlə avar çəkməyə başladılar.
Qayıq bir neçə metr getmişdi ki, Karl hiss etdi ki, onlar gəminin dəftərxana pəncərələrinin açıldığı yanı boyunca üzürlər. Hər üç pəncərənin qabağı Şubalın şahidləri ilə dolu idi və onlar dostcasına əl yelləyib, təzim edirdilər; dayısı hətta iltifatla başını da tərpətdi, matroslardan biri isə avarçəkmənin ritmini pozmadan hava öpüşü göndərməyi bacardı. Ocaqçının daha olmadığı görünürdü. Karl diz-dizə oturduğu dayısının gözlərinə diqqətlə baxdı və ürəyində bu adamın nə vaxtsa onun üçün ocaqçını əvəz edə biləcəyinə şübhələr yarandı. Dayı isə baxışlarını kənara çəkib, qayığın yanlarına çırpılan dalğalara baxırdı.
İkinci fəsil
Dayı
Karl dayısının evində özünün yeni mövqeyinə çox tez alışdı. Dayısı hətta xırda işlərdə də onun istəyinə zidd getmirdi və Karl heç vaxt tanımadığı ölkəyə təzə düşən insanların ilk başda qazandıqları təcrübəni əldə etmək imkanına malik olmamışdı.
Karlın otağı, birinci beş mərtəbəsi və üçmərtəbəli zirzəmisində dayısının müəssisəsi yerləşən binanın altıncı mərtəbəsində idi. Karl hər səhər öz kiçik yataq otağından çıxanda, iki pəncərədən və eyvan qapısından otağına düşən işığa valeh olurdu. Bu ölkənin torpağına miskin, yoxsul bir mühacir kimi ayaq qoymuş olsaydı harada yaşayacaqdı? Yəqin ki, mühacirət haqqında qanunlarla yaxşı tanış olan dayısı buna yüz faiz əmin idi, onu ümumiyyətlə Birləşmiş Ştatlara buraxmayacaq və daha vətəni olmadığını nəzərə almadan geri – evə göndərəcəkdilər. Burada canıyananlığa arxayın olmaq mümkün deyildi və Karl bu mövzuda Amerika haqqında nə oxumuşdusa, hamısı həqiqətə uyğun gəlirdi; həqiqətən yalnız bəxti gətirənlər burada, özləri kimi qayğısız yoldaşlarının əhatəsində, xoşbəxtlikdən həzz ala bilərdilər.
Dar eyvan Karlın otağının bütün divarı boyunca uzanırdı. Lakin Karlın doğma şəhərində ən yüksək müşahidə məntəqəsi sayıla biləcək yer, burada ancaq bir küçəni nəzərdən keçirməyə imkan verirdi. Düz, sanki xətkeş ilə kəsilmiş binaların iki cərgəsi arasında yerləşən bu küçə sanki uzağa – sıx dumanından nəhəng kafedral kilsənin peyda olduğu yerə qaçırdı. Səhər, axşam, elə gecənin yarısı da, bu küçədə yuxarıdan basılıb yastılaşdırılmış görünən insan fiqurları və müxtəlif fayton damlarının qaynayan qarışığına bənzəyən hərəkət kəsilmirdi. Bunların üstündən isə gurultu, toz və üfunətin dəyişkən qarışığı asılmışdı. Bunların hamısı da demək olar ki, hər yerdən düşən, səpilən və yenidən geri qayıdan güclü işığa qərq olmuşdu. Bu işıq, keyləşmiş gözə o qədər maddi görünürdü ki, sanki hər saniyə küçənin üstündə, onu örtmüş şüşəni sındırırdılar.
Hər şeydə tədbirli olan dayısı Karla məsləhət gördü ki, hələ hansısa bir iş başlamasın. Buyur, bax, öyrən, amma həvəsə düşmə. Axı avropalının Amerikadakı ilk günləri yenidən doğulmağa bənzəyir, hərçənd – səbəbsiz qorxmamaq üçün bunu bilməsi Karla faydalı olardı – bəziləri buraya ölülər dünyasından adamlar dünyasına keçən qədər cəld alışırlar, amma ilk mülahizənin həmişə əsassız olduğunu nəzərə almaq və onun buradakı həyatında rəhbər tutmağın məsləhət bilinən bütün sonrakı mülahizələrə maneə olmasına yol verməmək lazımdır. Bu yaxşı qaydalara riayət etmək əvəzinə bütün günü eyvanda dayanıb, qoyun gözünü yeni darvazaya bərəldən kimi, aşağıdakı küçəni seyr edən bəzi mühacirləri dayının özü də yaxşı tanıyırdı.
İstər-istəməz çaşıb qalırsan! Nyu-Yorkun zəhmətdə keçən gününü kənardan seyr etmək kimi avaraçılığı ancaq turistlər özlərinə rəva görə bilərlər və güman ki, hərçənd bu da qeyd-şərtsiz deyil, bu, ancaq onlara tövsiyə edilə bilər; burada yaşamaq istəyən üçün isə bunu ifadə edə biləcək yeganə söz, bir qədər mübaliğəli olsa da, ölümdür. Doğrudan da bacısı oğluna baş çəkən zaman – o isə bunu gündə bir dəfə, lakin fərqli saatlarda edirdi – onu eyvanda tapanda dayının siması dilxorluqdan əyilirdi. Yeniyetmə tezliklə bunu anladı və imkan daxilində orada dayanmaqdan imtina etməyə başladı.
Həm də bu onun yeganə sevinci deyildi. Onun otağında əla amerikan masası dururdu. Karlın atası uzun illər ərzində məhz belə masa arzulayır, müxtəlif hərraclarda uyğun qiymətə buna bənzər bir şey almağa çalışırdı, amma qazancının kiçik olması buna imkan vermirdi. Özü də bu masanı amerikan masası adı ilə Avropa hərraclarında rast gəlinənlərlə müqayisə etmək olmazdı. Onun yuxarı hissəsində az qala yüz ədəd müxtəlif ölçülü siyirmələr var idi və Birləşmiş Ştatların prezidenti belə hər rəsmi sənəd üçün burada uyğun yer tapa bilərdi; bundan başqa yan tərəfdə nizamlayıcı var idi və zərurət və ya istək yarananda dəstəyi burmaqla bölmələrin yerini və ölçüsünü müxtəlif cür dəyişmək olurdu. Nazik yan divarlar asta-asta enir, yeni bölmənin altını və üstünü yaradırdılar; dəstəyi burduqca, fırlatma sürətindən asılı olaraq büronun görünüşü, yavaş və ya böyük sürətlə, tamamilə dəyişirdi.
Bu, ən yeni ixtira idi, lakin Karla vətənində, milad bazarları zamanı göstərilən vertepi xatırladırdı. İsti geyindirilmiş Karl da tez-tez onun qabağında dayanır, qoca vertepçinin oyuncağın dəstəyini fırlatmasını və kiçicik səhnədə üç sehrbazın peyda olmasını, ulduzun parlamasını və müqəddəs pəyədə keçən sadə həyatı müşahidə edirdi. Həmişə də ona elə gəlirdi ki, anası bu hadisələri kifayət qədər diqqətlə izləmir; o anasını özünə tərəf dartır və hündür qışqırıqlarla onun diqqətini çətin görünən şeylərə, məsələn ön plandakı çəmənlikdə gah arxa ayaqlarının üstünə qalxan, gah da yenidən qaçmağa başlayan dovşan balasına yönəldirdi; hər şey onunla bitirdi ki, anası əliylə onun azını tutur və əvvəlki dalğın halına qayıdırdı.
Əlbəttə, masa belə xatirələr naminə düzəldilməmişdi, amma, güman ki, onun ixtirasında Karlın xatirələrinə dumanlı bir şəkildə bənzəyən nəsə olmuşdu. Masa, Karldan fərqli olaraq, dayının heç xoşuna gəlmirdi, o sadəcə bacısı oğluna normal yazı masası almaq istəyirdi, amma indi onların hamısı belə bir yeniliklə təchiz olunmuşdu; hələ bu azmış kimi həmin qurğunu, böyük xərc çəkmədən, köhnə konstruksiyalı masaya da uyğunlaşdırmaq olurdu. Elə ya belə, dayı Karla tənzimləyicidən mümkün qədər az istifadə etməyi məsləhət görmüşdü; öz fikrini gücləndirmək üçünsə qurğunun çox həssas olduğunu, tez qırıldığını və təmirinin baha başa gəldiyini bəyan etmişdi. Belə qeydlərin sadəcə bir fənd olduğunu anlamaq çətin deyildi, amma onu da demək lazımdır ki, qurğunu söndürmək asan olsa da dayı bunu etmirdi.
İlk günlər dayı və Karl təbii ki, tez-tez söhbət edirdilər; Karl sözarası bildirdi ki, evdə azacıq, amma həvəslə fortepiano çalırmış; düzdür bu işdə anasının köməyi ilə ancaq ilk addımlarını atırmış. Karl tam anlayırdı ki, belə hekayə, həm də fortepiano istəmək idi, amma o, artıq dayısının qənaət etməyə ehtiyacı olmadığını anlayacaq qədər çox şeyə fikir vermişdi. İstənilən halda bu xahiş o dəqiqə yerinə yetirilməmişdi, yalnız səkkiz gündən sonra dayısı – az qala iradəsinin ziddinə – etiraf etdi ki, fortepianonu gətiriblər və Karl istəyirsə onun yuxarı qaldırılmasına baxa bilər. Bu məşğuliyyət çətin olmasa da, işin özündən ancaq bir qədər asan idi, çünki binada bütöv mebel furqonunun sakitcə yerləşə biləcəyi yük lifti var idi və aləti də Karlın otağına məhz bu liftdə qaldırırdılar.
Əlbəttə Karl özü də alət və yükçülərlə birlikdə həmin liftdə qalxa bilərdi, lakin bunun yanında işləyən sərnişin lifti olduğundan Karl ona mindi və xüsusi dəstək vasitəsilə qonşu liftlə eyni səviyyədə qalxaraq, şüşə arakəsmədən artıq onun mülkiyyətinə çevrilmiş gözəl musiqi alətini diqqətlə nəzərdən keçirirdi. Fortepiano otağa yerləşdiriləndən sonra Karl özünün ilk notlarını götürdü və o qədər səfehcəsinə sevindi ki, çalmağı kəsib yerindən sıçradı, bir neçə addım kənara çəkildi və yanakı duraraq sadəcə hədiyyənin görünüşündən həzz almaq qərarına gəldi. Otağın akustikası əla idi və Karlın sanki dəmir evdə məskunlaşdırılmış olması kimi ilkin hissi büsbütün itdi.
Doğrudan da, ev yalnız bayırdan dəmirdən düzəldilmişə bənzəyirdi, otaqda belə bir şey hiss olunmurdu və heç kim onun bəzəyində ideal rahatlığı poza biləcək hər hansı detal tapa bilməzdi. Karl ilk vaxtlarda özünün fortepiano ifasından çox şey gözləyirdi və hətta yatmazdan qabaq bu musiqi ilə Amerika həyatına bilavasitə necə təsir edə biləcəyi haqqında düşünməyə də cürət edirdi. Doğrudan da, o, hay-küylü küçəyə açılan pəncərələrin qarşısında öz vətəninin köhnə əsgər mahnısını – əsgərlər onu axşamlar, kazarmanın pəncərələrində oturub sərt təlim meydanına baxaraq oxuyurlar – çalanda qəribə bir duyğu yaranırdı, lakin Karl küçəyə baxan kimi görürdü ki, o, hərəkət verici qüvvələrini anlamırsansa, bir saniyəliyə də dayandıra bilməyəcəyin nəhəng burulğanın kiçicik bir hissəsidir
Dayı fortepianoda ifaya dözür və onun əksinə heç nə demirdi, xüsusən də ona görə ki, yenə də dayısına xoş gəlsin deyə, Karl bununla nadir hallarda məşğul olurdu; hərçənd dayısı ona Amerika marşlarının, elə milli himnin də notlarını gətirmişdi, lakin bir dəfə Karldan, tam zarafatsız, skripka və ya valtornada da çalmağı öyrənmək istəmədiyini soruşmasını təkcə musiqidən aldığı ləzzətlə izah etmək çətin idi.
Karlın birinci və ən vacib tapşırığı, təbii ki, ingilis dilini öyrənmək idi. Kommersiya kollecinin gənc müəllimi səhər saat yeddidə, artıq Karl dəftərləri ilə yazı masasının arxasında oturanda və ya otaqda var-gəl edərək nəyisə əzbər öyrənəndə gəlirdi. Karl yaxşı anlayırdı ki, ingilis dilini mümkün qədər tez mənimsəmək lazımdır, həm də bu, özünün sürətli uğurları ilə dayısını sevindirmək üçün ən yaxşı imkan idi. Doğrudan da, əvvəlcə dayısı ilə yeni vətəninin dilində edilən söhbətlər salam və salamat qal ifadələrindən ibarət olurdusa, qısa bir müddətdən sonra söhbətin böyük hissəsi artıq ingiliscə gedirdi və bunun nəticəsində, təbii olaraq, aralarında səmimi münasibətlər yaranmağa başlamışdı. Karlın bir gün axşam dayısına ifadə ilə söylədiyi, yanğını təsvir edən ilk Amerika şeiri ona dərin məmnunluq gətirmişdi. Onlar hər ikisi Karlın otağındakı pəncərənin qabağında dayanmışdılar; dayı qaralmaqda olan səmaya baxır, əlini yavaş-yavaş bir-birinə vuraraq şeirin ritmini tuturdu, Karl isə onun yanında dayanıb donuq baxışı ilə çətin misraların öhdəsindən gəlirdi.
Karl ingilis dilində nə qədər sərbəst danışırdısa, dayı onu öz tanışları ilə görüşdürmək istəyini bir o qədər təkidlə bildirirdi və hər ehtimala qarşı, belə görüşlərdə hələlik müəlliminin də Karlın yanında olmasına göstəriş vermişdi. Karlı bir səhər təqdim etdikləri ilk adam qədd-qamətli, son dərəcə qıvraq oğlan idi, dayı onu xoş sözlərlə içəriyə dəvət etdi. O, güman ki, milyoner valideynlərin nəzər nöqtəsinə görə, həyatının bəxtə-bəxt seçilmiş bir gününü belə adi adamın ürək ağrısı duymadan müşahidə edə bilmədiyi uğursuz oğullardan idi. O isə, sanki bunu anlaya və gücü çatan qədər müqavimət göstərərək, xoşbəxtlik şüalandırır, dodaqları və gözləri özünə, müsahibinə və bütün dünyaya yönəlmiş məhvedilməz bir təbəssümlə işıqlanırdı.
Karl, dayısının təkidli məsləhəti ilə, bu yeniyetməylə – cənab Makla, səhər saat altının yarısında atçılıq məktəbinin manejində və ya parkda at çapmaq haqqında razılığa gəldi. Düzdür Karl əvvəlcə razılıq verməyə tərəddüd edirdi: o, heç vaxt at minməmişdi və əvvəlcə bir qədər dərs götürmək istəyirdi, lakin dayısı və Mak onu at çapmağın incəsənət deyil, başdan-ayağa ləzzət və sağlam idman növü olduğuna o qədər qızğınlıqla inandırdılar ki, axırda Karl razılıq verdi. Hərçənd indi o, yuxudan beşin yarısında durmağa məcbur olur, hər gün diqqətini gərmək tələb olunduğundan tez-tez buna heyfsilənirdi, çünki yuxu ona güc gəlirdi, amma vanna otağında bu bəladan bir an içində qurtulurdu.
Vannanın üstündə, onun bütün uzunu boyu duşun toru yerləşirdi – məgər vətənində, onun hətta ən varlı məktəbli yoldaşlarının şəxsi sərəncamında buna bənzər bir şey var idi?! – Karl obaşdandan əllərini yana tam açmaq mümkün olan bu vannada uzanır, yuxarıdan isə, onun istəyinə uyğun olaraq, bütün vanna boyu və ya onun bir hissəsinə isti, qaynar, sonra yenə isti və nəhayət buz kimi soyuq su tökülürdü. Hələ də yuxudan ləzzət alırmış kimi suda uzanır, üzündən axıb tökülən son seyrək damlaları göz qapaqları örtülmüş vəziyyətdə xüsusi həzzlə gözləyirdi.
Dayısının böyük avtomobilində getdiyi atçılıq məktəbində ingilis dili müəllimi artıq onu gözləyirdi, Mak isə həmişə gec gəlirdi. O, sakitcə gecikə də bilərdi, çünki əsl at çapma bundan sonra başlayırdı. O ayağını astanaya qoyan kimi yarıyuxulu atlar bir an içində canlanırdılar, qamçı səsləri daha ucadan səslənirdi, meydanı əhatə edən qalereya adamlarla – tamaşaçı, mehtər, şagird və allah bilir daha kimlərlə dolurdu. Mak gələnə qədər qalan vaxtı Karl at çapmanın müəyyən sadə fəndlərini öyrənməyə sərf edirdi. Burada bir yekəpər var idi. O, əllərini qaldırmadan, ən hündür atın belinə tullana bilirdi. Karlı da, gündə on beş dəqiqə o məşq etdirirdi.
Karlın uğurları o qədər də böyük deyildi, əvəzində o, məşq zamanı, yuxudan doymamış, qapıya söykənib mürgüləyən müəlliminə təngnəfəs halda yönəltdiyi çoxlu sayda yanıqlı şikayətlərin ingiliscəsini öyrənirdi. Lakin Makın gəlməsi ilə at çapmanın bütün narahatlıqları aradan qalxırdı. Yarım saatlıq bu ləzzət yuxu kimi gəlib keçirdi. Uzundrazı göndərirdilər və tezliklə hələ də tam işıqlanmamış manejdə at ayaqlarının səsi eşidilir, Karla komanda verən Makın yuxarı qalxan əli görünürdü. Mak tələsik Karlla sağollaşır, hərdən, uğurlarından xüsusilə razı qalanda, onun yanağını oxşayır və Karlı gözləmədən yox olurdu. Sonra Karl müəllimi ilə maşına oturur və dolama yollarla ingilis dili dərsinə gedirdi, çünki atçılıq məktəbindən birbaşa dayısının evinə aparan magistral yolun basırığı ilə getmək həddindən çox vaxt aparırdı.
Hərçənd, tezliklə müəllim cavan oğlanı müşayiət etməkdən azad oldu, çünki, Makın ona ingiliscə verdiyi göstərişlər sadə olduğundan, onu atçılıq məktəbində boş yerə gözləməyə məcbur etdiyi üçün özünü qınayan Karl dayısından xahiş etdi ki, müəllimi bu işdən azad etsin. Dayısı bir qədər fikirləşib, razılaşdı.
Karl tez-tez xahiş etsə də dayısı onun öz şirkəti ilə ötəri də olsa tanışlığına yalnız uzun müddətdən sonra icazə verdi. Şirkət, Karlın məlumatları çərçivəsində, Avropada deyəsən ümumiyyətlə rast gəlinməyən özünəməxsus komisyon ekspedisiya idarəsi idi. Şirkət komisyon fəaliyyətlə məşğul olurdu, lakin vasitəçiliyi istehlakçılarla ticarətçilər arasında yox, böyük müəssisələr arasında edir, onları müxtəlif xammal və yarımfabrikatlarla təchiz edirdi.
Ona görə də böyük miqyaslı alış, saxlama, daşıma və satış işləri ilə məşğul olan şirkət müştərilərlə daimi və tam dəqiq telefon və teleqraf əlaqəsi saxlamalı idi. Teleqraf zalı, Karlın doğma şəhərindəki və bir dəfə məktəb dostunun onu apardığı zaldan çox böyük idi. Telefon danışıqları zalında hara baxırdınsa, kabinələrin açılıb-örtülən divarlarını görürdün, zəng səslərindən də qulaq tutulurdu. Dayı yaxındakı qapını açdı – orada parlaq elektrik işığında masanın arxasında qapının cırıldamasına heç bir fikir verməyən başına metal qulaqlıq taxmış işçi oturmuşdu. Masanın üstünə qoyulmuş əli sanki son dərəcə ağır idi və yalnız karandaşı tutan barmaqları qeyri-insani sürət və ritmlə hərəkət edirdi.
Mikrofona dediyi sözlər lakonik idi və çox hallarda müsahibi ilə razılaşmadığı, nəyisə dəqiqləşdirmək istədiyi, amma aldığı məlumatların bu yazığı dayanmağa, məramını yerinə yetirməməyə, gözlərini aşağı salıb nə isə yazmağa vadar etdiyi görünürdü. Dayısı, Karla astadan izah edirdi ki, işçi danışmalı deyil də, çünki bu məlumatı ondan başqa daha iki nəfər qəbul edir, sonra səhvləri mümkün qədər aradan qaldırmaq üçün yazılar tutuşdurulur. Karl və dayısı kabinədən çıxan kimi praktikant qapıdan içəri sivişdi, o dəqiqə də bir dəstə yazılı kağızla geri çıxdı. Zalda aramsız olaraq adamlar hərəkət edirdilər. Salamlaşmadan – salam vermək qadağan edilmişdi – hər bir adam öz addımlarını qabaqda gedənin yortmasına uyğunlaşdırırdı ki, allah eləməmiş, yıxılmasın, və ya tələsik addımlarından əlində əsən kağızlardan hansısa söz və ya rəqəmi bəlirləyirdi.
– Hə, sən doğrudan da uğur qazanmısan, – Karl, otaqlara sadəcə baxsan belə, tanış olmaq üçün çoxlu günlər tələb olunan müəssisəni növbəti dəfə gəzərkən qeyd etdi.
– Bilmək istəyirsənsə, bunların hamısına otuz il ərzində özüm nail olmuşam. Əvvəlcə limanın yerləşdiyi rayonda mənim kiçik bir işim var idi. Gündə oraya beş qutu mal gələndə mən evə quş kimi uçurdum. İndi mənim anbarlarım limanda öz ölçüsünə görə üçüncüdür, həmin kiçik mağaza isə yük vuranlarımın altmış beşinci briqadasının alət anbarı və yemək otağıdır.
– Hə, bu möcüzəyə bənzəyir, – Karl dedi.
– Burada hər şey son dərəcə tez baş verir, – dayısı söhbəti kəsərək dedi.
Bir dəfə dayı Karlın həmişəki kimi təklikdə etməyə hazırlaşdığı nahar yeməyindən əvvəl gəldi, o dəqiqə də bacısı oğluna bayram kostyumunu geyib, onunla və daha iki şəriki ilə nahara getməyi təklif etdi. Karl qonşu otaqda paltarını dəyişəndə dayısı yazı masasının arxasına oturdu, ingilis dilindən yenicə yerinə yetirilmiş tapşırığı nəzərdən keçirərək ovcunu masanın üstünə vurub ucadan dedi:
– Doğrudan da əladır!
Əlbəttə Karl bu tərifi eşidəndən sonra soyunub geyinmə daha sürətlə getdi, amma o, doğrudan da ingilis dilində kifayət qədər püxtələşmişdi.
Dayının, Karlın hələ ilk görüşdən yadında qalmış olan qonaq otağında onu qarşılamaq üçün iki dolu cüssəli adam – sonradan masa arxasındakı söhbətdən aydın olduğu kimi, cənab Qrin və cənab Pollunder – ayağa qalxdı. Dayısı həmişəki kimi tanışları haqqında cəmi bir-iki söz dedi və zəruri və ya maraqlandığı məlumatı əldə etməyi onun öz sərəncamına buraxdı. Nahar zamanı ancaq işgüzar məsələlər müzakirə edilirdi ki, bu da iqtisadi anlayışlar baxımından Karl üçün yaxşı bir dərs idi. Eyni zamanda da Karla, sanki birinci növbədə doyana qədər yeməli olan uşaqmış kimi, imkan vermişdilər ki, sakitcə naharını etsin. Nəhayət, cənab Qrin Karla tərəf əyildi və sözləri bilərəkdən aydın tələffüz etməyə çalışaraq onun Amerika haqqında ilk təəssüratları haqqında soruşdu. Karl yaranmış tam sakitlikdə dayısına baxaraq kifayət qədər ətraflı cavab verir və yaxşı təsir bağışlamaq üçün öz nitqini Nyu-York ləhcəsi ilə bəzəməyə çalışırdı.
Dinləyicilərin hər üçü onun hansısa ifadəsinə gülüşdülər və Karl kobud səhv buraxdığına az qala qorxmuşdu ki, cənab Pollunder ifadənin yerinə düşdüyünü izah etdi. Bu cənab Pollunder Karla xüsusi rəğbət göstərirdi və dayı ilə cənab Qrin yenidən işgüzar söhbətlərə qayıdanda, onu kreslosunu yaxına çəkməyə vadar etdi və Karla soyadı, valideynləri, səyahəti haqqında müxtəlif suallar verməyə başladı, sonda isə Karla istirahət vermək üçün vəcdlə, gülə və tələsə-tələsə özü, bir bankir kimi günlərlə Nyu-Yorkda qalmalı olduğundan, yalnız gecələri keçirə bildiyi böyük olmayan şəhərkənarı evdə birlikdə yaşadıqları qızı haqqında danışdı. Və təxirə salmadan, səmimi-qəlbdən Karlı, özünün şəhərətrafı evinə dəvət etdi: şübhəsiz ki, Karl kimi yeni amerikalı hərdənbir Nyu-Yorkdan kənara çıxmağa ehtiyac duyur. Karl o dəqiqə dayısından bu dəvəti qəbul etmək üçün icazə istədi, dayısı da Karlın və cənab Pollunderin gözlədiklərinin əksinə olaraq, deyəsən sevinclə və fikirləşmədən, lakin dəqiq vaxt bildirmədən, bu icazəni verdi.
Artıq səhərisi gün Karlı dayısının idarəsinə çağırdılar (təkcə bu evdə dayısının ona yaxın belə idarəsi var idi). Karl orada kreslolarda sakitcə əyləşmiş dayısını və cənab Pollunderi gördü. – Cənab Pollunder, – dayısını qaranlıq otaqda güclə seçmək olurdu, – cənab Pollunder gəlib ki, dünən razılaşdığımız kimi, səni özünün şəhərətrafı evinə aparsın.
– Mən bilmirdim ki, səfər bu gün olacaq, – Karl dedi, – yoxsa hazırlaşardım.
– Hazır deyilsənsə, səfəri bir qədər təxirə də salmaq olar, – dayı təklif etdi.
– Əşşi, nə hazırlıq! – cənab Pollunder ucadan səsləndi. – Cavan oğlanlar həmişə hazır olur. – Onu nəzərdə tutmuram, – dayı dönüb qonağa dedi, – o, öz otağına dəyməlidir və sizi gecikdirəcək.
– Və bunun üçün də kifayət qədər vaxt var, – cənab Pollunder dedi, – mən bunu nəzərə almışam və işlərimi bir qədər əvvəl qurtarmışam.
– Görürsən, – dayı dedi, – sənin səfərin artıq nə qədər çətinliklər yaradıb?
– Çox təəssüf edirəm, – Karl cavab verdi, – amma mən tez qayıdacam. – Və qaçıb otaqdan çıxmaq istədi.
– O qədər də tələsməyin, – cənab Pollunder dedi, – siz mənə heç bir çətinlik yaratmırsınız, əksinə sizin səfərinizdən çox məmnunam.
– Sabah atçılıq dərsini buraxacaqsan, bunu razılaşdırmısan?
– Xeyr, – Karl bildirdi. Bu çox sevindiyi səfər artıq yükə çevrilməyə başlayırdı. – Mən axı bilmirdim.
– Və bununla belə getmək istəyirsən? – dayı davam etdi.
Nəzakətli cənab Pollunder köməyə yetişdi:
– Yolüstü atçılıq məktəbinə baş çəkər və hər şeyi yoluna qoyarıq.
– Əla fikirdir, – dayı razılaşdı. – Amma, hər halda, Mak səni gözləyəcək.
– Yəqin ki, gözləməyəcək, – Karl cavab verdi, – amma, gəlməyinə gələcək.
– Elə isə, necə olsun? – Karlın cavabı onu heç cür qane etmirmiş kimi soruşdu.
Yenə də həlledici sözü cənab Pollunder dedi:
– Lakin Klara da, – o qızını nəzərdə tuturdu, – onu gözləyir, özü də bu axşam və yəqin ki, Makla müqayisədə ona üstünlük vermək lazımdır.
– Əlbəttə, – dayı razılaşdı. – Belə ki, qaç otağına. – O, sanki bilmədən əlini bir neçə dəfə kreslonun qoltuğaltısına vurdu. Dayısı yeni sualla onu saxlayanda Karl artıq qapının yanında idi: – Yəqin ki, sabahkı ingilis dili dərsinə qayıdacaqsan?
– Amma! – cənab Pollunder səsini ucaltdı və təəccübdən kreslosunda çəkisinin imkan verdiyi dərəcədə döndü. – Doğrudanmı o heç olmasa sabahkı günü şəhər ətrafında qala bilməz? Mən birisi gün səhər onu gətirərəm.
– Heç cür mümkün deyil, – dayı onun sözünü kəsdi. – Mən onun dərs gündəliyini poza bilmərəm. Sonralar, özü müstəqil işgüzarlıq cığırına düşəndə, belə şərəfli və dostcasına dəvətləri daha uzun müddətə qəbul etməyə həvəslə icazə verəcəm.
«Bu nə etirazdır?» – Karl fikirləşdi.
Cənab Pollunder qüssələndi.
– Lakin bir axşam və gecə demək olar ki, heç nədir.
– Elə mən də bunu deyirəm, – dayı cavab verdi.
– Aza qane olmalı olacağıq, – cənab Pollunder güldü. – Beləliklə, mən gözləyirəm! – dayısının daha heç nə demədiyini görüb tələsik gedən Karla qışqırdı.
Karl bir qədər sonra səfərə hazır vəziyyətdə qayıdanda idarədə təkcə cənab Pollunderi gördü, dayısı getmişdi. Cənab Pollunder Karlın hər iki əlini ürəkdən sıxdı, sanki Karlın doğrudan da onunla getdiyinə daha etibarlı inanmaq istəyirdi. Tələsdiyindən qızışmış Karl da cənab Pollunderin əlini sıxdı, o, bu səyahətə ürəkdən sevinirdi.
– Dayı mənim getməyimə hirslənmir ki?
– Əlbəttə, yox! Onun ciddi bir etirazı yox idi. Sadəcə sizin tərbiyənizi ürəyinə çox yaxın qəbul edir.
– Ciddi bir şey olmadığını sizə onun özü dedi?
– Bəli, bəli, – cənab Pollunder mızıldandı və bununla da yalan danışa bilmədiyini göstərmiş oldu.
– Qəribədir, niyə o sizə qonaq getməyimə belə könülsüz icazə verdi, axı siz dostsunuz.
Cənab Pollunder də, açıq deməsə də, buna bir izah tapa bilmirdi və isti axşam havasında cənab Pollunderin maşınında gedəndə, tamam başqa şeylərdən danışsalar da, uzun müddət bu barədə düşünürdülər.
Onlar bir-birinə yaxın oturmuşdular və cənab Pollunder söhbət edəndə onun əlini öz əlində saxlayırdı. Karl fröylen Klara haqqında mümkün qədər çox şey eşitmək istəyirdi, sanki uzun yol onun səbrini kəsir, söhbət isə arzu etdiyi yerə həqiqətdə olduğundan daha tez yetişməyə kömək edirdi. Heç vaxt Nyu-Yorkun küçələri ilə axşam gəzintisinə çıxmasa da, sanki insanlar deyil qeyri-təbii qüvvələr tərəfindən yaradılmış, hər saniyə istiqamətini dəyişən küy piyada və avtomobil yolu ilə qasırğa kimi vurnuxsa da, müsahibinin hər bir sözünü anlamağa çalışan Karlın diqqəti cənab Pollunderin qara jiletinə və qara saat zəncirinə yönəlmişdi.
Onlar, tamaşaçıların teatrlara gecikmək kimi nəhəng və açıq qorxudan tələsik addımları və ekipajlarının sürətini mümkün olan son həddə çatdırdığı küçələrdən yavaş-yavaş, tətil nümayişinə çıxmış metalçı fəhlələrin böyük küçələri tutması və ekipajların hərəkətinə yalnız məhdud qaydada, küçələrin kəsişdiyi yerlərdə icazə verilməsi səbəbindən, atlı polislərin onların avtomobilini təkrar-təkrar yan küçələrə yönəltdiyi şəhər ətrafına çıxdılar. Avtomobil qaranlıq və səsi əks etdirən belə döngələrdən geniş küçələrin birinə çıxanda məlum oldu ki, piyada yolları, göz işləyənə qədər, asta hərəkət edən, eyni ahəng və yekdilliklə oxuyan kütlə ilə doludur. Boş küçənin ortasında, gah burada, gah da orada atın üstündə heykəl kimi oturmuş polislər, bayraqdarlar, qaldırılmış şüarlar, köməkçiləri ilə əhatə olunmuş fəhlə lideri, vaxtında buranı tərk edə bilməmiş, indi isə boş və işıqsız dayanmış, sürücü və bilet satanı meydançada oturub gözləyən tramvay vaqonu görünürdü.
Maraqkeş dəstələri, hadisənin əsl mənası onlara aydın olmasa da, nümayişçilərdən bir qədər aralıda dayanıb gözləyirdilər. Karl isə qayğısız olaraq onu yarı-qucaqlamış Pollunderin əlinə söykənmişdi; tezliklə işıqlı, divarlarla əhatə edilmiş və itlərin qoruduğu şəhər kənarı evdə arzu edilən qonaq olacağına əminliyi ona izahedilməz həzz verirdi, mürgü ona cənab Pollunderi səhvsiz başa düşməyə imkan verməsə də, ümumiyyətlə onun danışdığını adda-budda anlasa da, zaman-zaman gücünü toplayıb gözlərini övkələyirdi ki, müsahibinin onun bu halını görüb-görmədiyini öyrənsin, çünki nəyin bahasına olursa-olsun buna yol verməməyə çalışırdı.
Üçüncü fəsil
Nyu-York yaxınlığında bağ evi
– Hə, budur, gəlib çıxdıq, – cənab Pollunder Karlın yenidən mürgüləməyə başladığı məqamda bildirdi. Avtomobil Nyu-Yorkun maliyyə başçılarının adətinə uyğun olaraq bir ailəyə lazım olandan həm böyük, həm də hündür olan bağ evinin qarşısında dayanmışdı. Evin ancaq aşağı mərtəbəsi işıqlandırıldığından onun hündürlüyünü müəyyən etmək mümkün deyildi. Ön planda şabalıd ağacları uğuldayır, onların arasından – darvazanın dəmir toru açıq idi – ensiz cığır evə tərəf gedirdi. Yorğun Karl, maşından düşəndə, fikrində yolun kifayət qədər uzun olduğunu qeyd etdi. Şabalıd ağacları xiyabanının kölgəsində, özünün lap yanında, qız səsi eşitdi:
– Nəhayət cənab Yakob gəldi.
– Mənim adım Rossmandır, – Karl cavab verdi və artıq siluetini seçməyə başladığı qızın ona uzadılmış əlini sıxdı
– O, Yakobun bacısı oğludur, – cənab Pollunder izah etdi, – Karl Rossman.
– Bundan sizi burada görməyə heç də daha az şad deyilik, – onun adının nə olmasına xüsusi əhəmiyyət verməyən qız dedi.
Buna baxmayaraq Karl qızla Pollunderin arasında evə tərəf gedəndə soruşdu:
– Siz fröylen Klarasınız?
– Bəli, – qız dedi və onun oğlana tərəf dönmüş üzünə evin pəncərəsindən səpilmiş işıq düşdü. – Sadəcə mən özümü burada, qaranlıqda təqdim etmək istəmirdim.
«Onda niyə bizi qapının ağzında gözləyirdin?» – hər addım atdıqca daha çox oyanan Karl fikirləşdi.
– Yeri gəlmişkən, bu axşam bizim daha bir qonağımız var, – Klara bildirdi.
– Ola bilməz! – Pollunder dilxor halda qışqırdı.
– Cənab Qrin, – Klara əlavə etdi.
– O nə vaxt gəlib? – qeyri-müəyyən öngörünün çulğadığı Karl soruşdu.
– Elə bu dəqiqə. Məgər siz onun qarşınızda gedən avtomobilinin səsini eşitmirdiniz.
Karl baş verənlərə münasibətini öyrənmək üçün Pollunderə baxdı, amma o, əllərini şalvarının cibinə soxmuşdu və sadəcə yeriyəndə ayaqlarını yerə bir qədər daha bərk vururdu.
– Nyu-Yorka bu qədər yaxın yaşamaqda yaxşı heç nə yoxdur, başdan ayağa narahatlıqdır. Biz, gecənin yarısını yola sərf etsəm belə, mütləq daha uzağa köçməliyik.
Onlar pilləkanın yanında dayandılar.
– Amma cənab Qrin çoxdan bizə gəlmirdi, – görünür atası ilə razı olan, ancaq bu sözlərlə onu sakitləşdirməyə çalışan Klara dedi.
– Niyə məhz bu axşam gəlməliydi? – Pollunder soruşdu və qəzəb onun zəif ətli cisim kimi çox asan həyəcanlanan kök alt dodağında qaynamağa başladı.
– Doğrudan da! – Klara qışqırdı.
– Bəlkə o tezliklə geri qayıdacaq, – Karl qeyd etdi və dünənə qədər tanış olmadığı bu adamlarla nə tez ümumi dil tapdığına özü də təəccübləndi.
– Xeyr, – Klara dedi, – onun atamla nəsə vacib işi var və müzakirə yəqin ki, çox uzun çəkəcək, çünki məni tam ciddi olaraq hədələdi ki, əsl ev sahibəsi olmağa hazırlaşıramsa səhərə qədər onlarla oturmalı olacağam.
– Təkcə bu qalmışdı. Deməli o gecəni burada qalacaq! – Pollunder elə qışqırdı ki, sanki bundan pis heç nə ola bilməzdi. – Vicdan haqqı, – o davam etdi və yeni fikir onu yumşalmağa vadar etdi, – vicdan haqqı, cənab Rossman yenidən maşına oturub sizi dayınıza qaytarmağın əsl vaxtıdır. Bugünkü axşam lap əvvəlindən korlanıb və kim bilir, birdə dayınız sizi bizə nə vaxt etibar edəcək. Amma mən bu gün sizi geri aparsam, o, yaxın gələcəkdə sizin bizdə qonaq qalmağınıza etiraz edə bilməyəcək.
O, artıq planını icra etmək üçün Karlın qoltuğuna da girmişdi. Amma Karl yerindən tərpənmədi, Klara isə onu burada saxlamağı xahiş etdi, çünki cənab Qrin ən azı ona və Karla heç cür mane ola bilməzdi və nəhayət Pollunder də etiraf etdi ki, onun təklifi o qədər də uğurlu deyil. Bundan başqa, və bəlkə də ən həlledici olanı cənab Qrinin birdən pilləkanın başından onları çağırması oldu:
– Harada batıb qaldınız?
– Gedək, – Pollunder dedi və pilləkana tərəf döndü. İndi, işıqda bir-birini tədqiq edən Karl və Klara onun arxasınca getdilər.
«Onun nə qırmızı dodaqları var», – Karl öz-özünə dedi və cənab Pollunderin, qızında belə gözəl şəkildə təzahür etmiş dodaqları haqqında düşündü.
– Şam yeməyindən sonra, – qız belə dedi, – etiraz etmirsinizsə, dərhal mənim otaqlarıma keçərik və atam qalmalı olarsa, ən azı cənab Qrindən canımızı qurtararıq. Onda, xahiş edirəm, lütfkarlıq göstərib mənim üçün fortepiano çalarsınız, çünki atam bunu yaxşı bacardığınızı danışıb; mənim isə təəssüf ki, musiqi qabiliyyətim yoxdur və musiqini çox sevdiyimə baxmayaraq alətə yaxın da durmuram.
Karl Klaranın təklifi ilə tam razılaşdı, hərçənd cənab Pollunderi də məmnuniyyətlə öz cəmiyyətlərinə qoşardı. Lakin pilləkanları qalxdıqca Qrinin qarşılarında böyüyən nəhəng fiqurunu görəndə – Pollunderin ölçülərinə artıq öyrəşmişdi – cənab Pollunderi bu adamın əlindən hansısa bir yolla almaq ümidləri tədricən buxarlanıb uçdu.
Cənab Qrin onları açıq-aşkar səbirsizliklə qarşıladı, onsuz da çox vaxt itirilmiş kimi, Pollunderin qoltuğuna girdi, Karl və Klaranı özündən əvvəl – masanın üstündəki yarpaqların arasından yüksələn güllərə görə xüsusilə təntənəli görünən və buna görə də cənab Qrinin zəhlətökən iştirakına daha artıq təəssüf yaradan – yemək otağına itələdi. Masanın yanında dayanıb qalanlarının oturmasını gözləyən Karl bağa çıxan şüşə qapının açıq qalacağına təzəcə sevinmişdi ki, özünü yetirən cənab Qrin ucadan fısıldayaraq ən aşağıdakı cəftəyə qədər əyilə və ən yuxarıdakı cəftəyə qədər dartınaraq, həmin qapını bağladı, özü də bunu yeniyetməyə yaraşan elə bir cəldliklə etdi ki, özünü çatdırmış xidmətçinin əlləri göydə qaldı. Cənab Qrin masanın arxasında ən əvvəl Karlın bu səfər üçün dayısından icazə ala bildiyinə təəccübünü bildirdi. O təkrar-təkrar şorba ilə dolu qaşığı ağzına soxur, nəyə belə təəccübləndiyini, dayısının Karla olan məhəbbətinin dayı sevgisindən qat-qat artıq olduğunu sağa-sola (sağa – Klaraya, sola – cənab Pollunderə) izah edirdi.
«Bura belə təklifsiz soxulduğu bəs deyilmiş kimi, dayım ilə münasibətlərimizə də qarışır», – əla qızılı şorbadan bir qaşıq da içməyə taqəti olmayan Karl fikirləşdi. Lakin özünün sıxıldığını göstərməmək üçün şorbanı dinməzcə qaşıqlamağa başladı. Şam yeməyi işgəncə qədər uzanırdı. Cənab Pollunder söhbətə yalnız cənab Qrin işdən danışanda müdaxilə edir, lakin tez də mövzudan uzaqlaşırdı, belə ki, cənab Qrin müəyyən vaxtdan sonra onu yenidən qəfildən yaxalamalı olurdu. Söz düşmüşkən, cənab Qrin yerli-yersiz qeyd edirdi ki, əvvəldə bu gözlənilməz səfəri etmək fikri yox idi. Bu anlarda, söhbətə qulaq asan Karl səksəkəli halda diqqətini toplayır və Klara şam etdiyini və qarşısında bozartma olduğunu onun yadına salırdı.
İrəlidə söhbəti aparılacaq iş kifayət qədər tələsik olsa da, onun ən vacib cəhətlərini bu gün şəhərdə, ikinci dərəcəliləri isə sabah ya da daha sonra müzakirə etmək olardı. Ona görə də iş gününün axırına xeyli qalmış o, cənab Pollunderə baş çəkib və yerində tapmadığından, evə zəng edib gecələməyə gəlməyəcəyini bildirərək buraya yollanıb.
– Elə isə mən üzr istəməliyəm, – heç kim cavab verməyə imkan tapmamış, Karl ucadan dedi, – axı cənab Pollunderin bu gün işlərini tez bitirməsinin təqsirkarı mənəm; belə alındığına çox təəssüf edirəm.
Cənab Pollunder üzünün böyük hissəsini salfetin arxasında gizlətdi, Klara isə Karla gülümsədi, lakin bu canıyananlıq təbəssümü deyildi, qız sanki onu nədənsə xəbərdar etmək istəyirdi.
– Belə hallarda üzr istəmirlər, – göyərçini məharətlə parçalayan cənab Qrin dedi, – tam əksinə, mən evdə təklikdə şam etməkdənsə – orada mənə qulluq edən qoca təsərrüfat müdirəsi o qədər taqətdən düşüb ki, qapıdan mənim masama qədər olan məsafəni keçmək onun üçün artıq böyük bir zəhmətdir və mən kreslonun arxasına söykənərək uzun müddət onun bu yolu keçməsini gözləməli oluram – axşamı belə xoş əhatədə keçirməyimə şadam. Bu yaxınlarda təkid etdim ki, xörəkləri yemək otağının qapısına kimi qulluqçu gətirsin, amma anladığıma görə, qapıdan masaya qədər olan məsafəni təsərrüfat müdirəm özünün imtiyazı hesab edir.
– Aman tanrim! – Klara qışqırdı. – Sadiqlik buna deyərəm!
– Bəli, həyatda hələ sədaqət qalıb, – cənab Qrin təsdiq etdi və göyərçin ətini ağzına apardı, Karl təsadüfən onun dilinin yeməyə doğru necə acgözlüklə yönəldiyini gördü. Karlın az qala ürəyi qalxdı və o ayağa durdu. Cənab Pollunder və Klara təxminən eyni vaxtda onun əllərindən tutdular.
– Siz bir qədər də oturmalısınız, – Klara dedi. O yenidən oturandan sonra isə pıçıldadı: – Tezliklə biz bir yerdə buradan itəcəyik. Səbrli olun.
Cənab Qrin isə soyuqqanlı şəkildə öz şam yeməyi ilə məşğul olurdu, sanki cənab Pollunder və Klaraya qusmağı gələn Karlı sakitləşdirməyi tanrının özü tapşırmışdı
Şam yeməyi mərasimi cənab Qrinin hər bir xörəyə əsaslı surətdə yanaşması səbəbindən kifayət qədər uzanmışdı; o hər dəfə hər yeni yeməyə heç bir yorğunluq əlaməti göstərmədən girişməyə hazır olsa da, belə təəssürat yaranırdı ki, deyəsən doğrudan da qoca təsərrüfat müdirəsindən əsaslı şəkildə dincəlmək istəyir. Vaxtaşırı fröylen Klaranı ev təsərrüfatını aparmaq qabiliyyətinə görə tərifləyir, bu da qızın açıq-aşkar xoşuna gəlirdi, Karlın isə bu zaman, incidilmiş adam kimi, Qrinə həddini bildirmək istəyi yaranırdı. Lakin cənab Qrin bununla kifayətlənmədi, boşqabdan gözünü qaldırmayaraq bir neçə dəfə Karlın iştahasının olmamasının gözə girdiyindən şikayətləndi. Cənab Pollunder Karlın iştahasını müdafiəsi altına aldı, hərçənd bir ev yiyəsi kimi o da Karla yeməyi təklif etməliydi. Doğrudan da məcburiyyət hiss edən Karl şam yeməyi ərzində sezilən dərəcədə əzab çəkdiyindən, yaxşı məramla deyilməsinə baxmayaraq, cənab Pollunderin sözlərini qeyri-səmimi qarşıladı. Əhvalının belə dəyişməsi səbəbindən də gah böyük tikələri ədəbsiz şəkildə sürətlə ötürür, gah da yorulmuş kimi, yenidən bıçaq və çəngəlini aşağı salır və müqəvva kimi dayanırdı, belə ki, yeməkləri masaya verən xidmətçi ona necə yanaşacağını bilmirdi.
– Günü sabah, şam yeməyinə toxunmamaqla fröylen Klaranı necə küsdürdüyünüzü cənab senatora danışacam, – cənab Qrin dedi və sözlərinin zarafat olduğunu çəngəl-bıçağı yellətməklə təsdiq etdi. – Görün qızcığaz necə də məyus olub, – əlavə etdi və Klaranın çənəsindən yapışdı.
Qız hiddətlənmədi, təkcə gözlərini yumdu.
– Ay səni, körpəciyəz! – cənab Qrin ucadan səsləndi və toxluqla güldü; onun sifəti qıpqırmızı oldu. Karl cənab Pollunderin davranışını hədər yerə özünə izah etməyə çalışırdı. O, oturub, ən vacib şeylər orada baş verirmiş kimi, boşqabına baxırdı. O, Karlın stulunu yaxına çəkmişdi, danışanda da hamıya müraciət edir, Karla xüsusi bir şey demirdi. Əksinə, Qrinin bu Nyu-Yorklu subayın ikili yozula bilməyəcək bir fikirlə Klaraya toxunmasına, Karlı – Pollunderin qonağını pərt etməyə və ya ən azı onunla uşaq kimi davranmağa və ümumiyyətlə ağlına gələni etməyə yol verirdi.
Şam yeməyindən sonra – cənab Qrin ümumi əhval ruhiyyəni tutub, masanın arxasından birinci durmaqla, digərlərini də ayağa qaldıranda – Karl təklikdə terrasa çıxan böyük, nazik arakəsmə ilə ayrılmış pəncərənin, əslində isə, yaxınlaşanda gördüyü kimi, qapının yanına çəkildi. Cənab Pollunderin və qızının əvvəldə cənab Qrinə bəslədikləri və Karl üçün anlaşılmaz olan antipatiya hara itmişdi? İndi onlar Qrinlə yanaşı dayanıb, onun sözlərinə bəli-bəli deyirdilər.
Pollunder Qrini, evlərində yoğunluğu haqqında atasının Karla danışdığı, amma güman ki, heç vaxt görmədiyi siqarlardan birinə qonaq etdi; siqarın tüstüsü otağa yayılaraq Qrinin nüfuzunu onun özünün heç vaxt girə bilməyəcəyi künc və taxçalara çatdırdı. Karl uzaqda dayanmış olsa da tüstüdən burnu qıcıqlandı və durduğu yerdən çəpəki baxdığı cənab Qrinin davranışı ona iyrənc göründü. O, artıq dayısının bu səfərə uzun müddət etiraz etməsinin səbəbinin onun cənab Pollunderin xarakterinin zəifliyini bilməsi, dəqiq bilməsə də, Karlı hansısa bir şəkildə təhqir edə biləcəklərini güman etməsi ola biləcəyini istisna etmirdi. Bu amerikan qız da onun xoşuna gəlmədi, hərçənd xəyallarında onun belə gözəl olacağını təsəvvür etmirdi.
Cənab Qrin qıza diqqət etməyə başlayandan, Karl qızın gözəl görünmək bacarığına, xüsusən də son dərəcə cilvəli gözlərinin parıldamasına hətta mat qaldı. O heç vaxt bədənə qızınkı qədər kip yapışmış yubka görməmişdi; açıq rəngli, nazik və möhkəm parçadakı kiçik qırışlar onun nə dərəcədə bərk dartıldığını göstərirdi. Buna baxmayaraq Karlın ona bir damcı da meyli yox idi və o, qızın otağına getməkdənsə, hər ehtimala qarşı əlini dəstəyinə qoyduğu terras qapısını açmaq, maşına oturmaq, sürücü artıq yatırsa, təklikdə gəzə-gəzə Nyu-Yorka qədər getmək istərdi. Bədirlənmiş aylı aydın, mehriban gecə hamıya açıq idi, lakin təmiz səma altında qorxaqlığı bayram etmək Karla cəfəng görünürdü. O, sübh tezdən (çətin ki, evə bundan tez çata biləydi) dayısını necə təəccübləndirəcəyini təsəvvüründə canlandırdı və ilk dəfə idi ki, bu zalda özünü rahat hiss etdi.
Düzdür, Karl heç vaxt onun yataq otağında olmamışdı və onun harada yerləşdiyini də bilmirdi, lakin bunu soruşmaq da olardı. Sonra o, qapını döyəcək və «Buyurun» sözünü eşidib qaçaraq otağa girəcək və indiyə qədər hər zaman səliqə ilə geyinmiş, bütün düymələrini bağlamış gördüyü, indi isə çarpayıda, gecə köynəyində oturmuş dayısını heyrətləndirəcək, dayısı da təəccüblə baxışlarını qapıya zilləyəcək. Güman ki, bu, öz-özlüyündə xüsusi bir şey deyildi, amma ardınca gələ biləcək şeylər maraqlı idi. Yəqin o, birinci dəfə dayısı ilə səhər yeməyi yeyəcəkdi: dayısı çarpayıda, o isə kresloda oturub, səhər yeməyi isə onların arasındakı masanın üzərinə qoyulub; yəqin ki, bu səhər yeməyi həmin gündən adətə çevriləcəkdir; yəqin belə səhər yeməyindən sonra onlar istər-istəməz gündə bir dəfə yox, daha tez-tez görüşəcəklər və təbii ki, bir-biri ilə açıq söhbət edə biləcəklər. Əslində bu gün onun sözə baxmayan, daha doğrusu ipə-sapa yatmayan olmasının səbəbi məhz səmimiliyin çatışmaması idi. Gecəni burada qalası olsa belə –deyəsən elə belə də olacaq, hərçənd ki, onu burada, pəncərənin yanında özü bildiyi kimi əylənməsi üçün tək qoyublar – bəlkə də bu uğursuz səfər dayısı ilə münasibətlərdə bir dönüş nöqtəsi olacaq; bəlkə dayısı da bu axşam yataq otağında bu barədə düşünür.
O, bir qədər sakitləşib geri döndü. Klara onun qarşısında dayanmışdı və deyirdi:
– Doğrudanmı bizdə olmaqdan heç xoşunuz gəlmir? Hə, özünüzü evinizdəki kimi hiss edin! Gedək, mən sizi əhliləşdirmək üçün son cəhdimi edim.
Qız onu zaldan keçirib qapıya tərəf apardı. Yan tərəfdə, kiçik masanın arxasında böyüklər oturmuşdular, onların qarşısında, hündür qədəhlərdə Karla məlum olmayan içkilər köpüklənirdi və o, məmnuniyyətlə onların dadına baxardı. Jənab Qrin sifətini cənab Pollunderə mümkün qədər yaxınlaşdırmış halda masaya dirsəklənmişdi; cənab Pollunderi tanımayan burada biznes haqqında deyil, cinayət törətmək haqqında söhbət getdiyini düşünərdi. Cənab Pollunder Karlı qapıya qədər mehriban nəzərlərlə ötürdü, Qrin isə – insanlar sövq-təbii müsahiblərinin baxışlarını izləsələr də – heç Karla baxmadı da. Karl bunu bir işarə kimi başa düşdü: Karl özü bilər, Qrin isə yalnız öz qabiliyyətinə arxalanmalıdır, kübar münasibətlər isə onların arasında zaman keçdikcə, rəqiblərdən birinin qələbəsi və ya məğlubiyyətindən asılı olaraq yaranacaq. «O belə düşünürsə, – Karl öz-özünə dedi, – sadəcə axmaqdır. Əslində mənə ondan heç nə lazım deyil, bircə mənimlə işi olmasın».
O, dəhlizə təzəcə çıxmışdı ki, beyninə özünü nəzakətsiz apardığı haqqında fikirlər dolmağa başladı, çünki gözünü Qrindən çəkməmişdi və Klara onu otaqdan sözün birbaşa mənasında dartıb çıxartmışdı. Buna görə də qızın yanınca daha həvəslə gedirdi. Dəhlizləri keçərkən əvvəlcə gözlərinə inanmadı, çünki hər iyirmi addımdan bir şamdanın qalın oturacağını iki əli ilə sıxan bahalı livreyalı lakeylər dayanmışdılar.
– Yeni elektrik çıraqlarını hələlik ancaq yemək otağına çəkiblər, – Klara izah etdi. – Biz bu evi lap yaxınlarda almışıq və tamamilə yenidən qurmuşuq, əlbəttə özünəməxsus memarlığa malik köhnə evləri yenidən qurmaq nə qədər mümkündürsə o qədər.
– Deməli burada, Amerikada da köhnə evlər var, – Karl qeyd etdi.
– Əlbəttə, – Klara güldü və onu qabağa apardı. – Sizin Amerika haqqında qəribə təsəvvürləriniz var.
– Siz mənə gülməməlisiniz, – Karl acıqlı dedi. O, artıq həm Avropa, həm də Amerika ilə tanış idi, qız isə ancaq Amerika ilə.
Klara yolüstü əlini uzadaraq otaqlardan birinin qapısını itələdi və dayanmadan dedi:
– Siz burada yatacaqsınız.
Təbii ki, Karl o dəqiqə otağı gözdən keçirmək istədi, lakin Klara səbirsiz və demək olar ki, sərt dedi ki, bu tələsik deyil və Karl əvvəlcə onunla getməlidir. Onlar müəyyən müddət dəhlizdə söz güləşdirdilər, amma axırda Karl fikirləşdi ki, hər şeydə Klaraya tabe olmağa borclu deyil, onu dəhlizdə qoyub otağa girdi. Heyrətamiz qaranlıq ağacın budaqlarının pəncərəni tamamilə örtməsi ilə izah olunurdu. Quşların cikkiltisi eşidilirdi. Ayın işığının gəlib çatmadığı otaqda heç nəyi seçmək mümkün deyildi. Karl dayısının hədiyyə etdiyi cib fonarını götürmədiyinə təəssüf etdi. Bu evdə belə cib fənəri zəruri idi; bir neçəsi olsaydı lakeyləri yatmağa göndərmək olardı. Pəncərənin qabağında oturmuş Karl bayira baxır və qulaq asırdı. Narahat edilmiş quş deyəsən ağacın çətirində vurnuxurdu. Uzaqlarda Nyu-Yorkun şəhərətrafı qatarı fit verdi. Başqa bir səs yox idi.
Bepul matn qismi tugad.