Kitobni o'qish: «Çaldıran döyüşü»

Shrift:

Proloq

«Hər yer zülmətdi. Bəlkə gecədi? Bəlkə hələ səhər açılmayıb? Bir səs-ün də yoxdu. Mən hardayam? Niyə belə olsun? Yaxşı, axı, adam çox idi… Dayan… dayan… Mən müharibədə deyildim bəyəm? Hə… Hə… Əbih Sultanı gətirib Cəbonidə İsmayıla təhvil verdim. Günün günorta vaxtı müharibə başladı. Dağın üstündəki cığırla çapıb gələn Şirvanşah atlılarının başı üstündə qızılı işləməli yaşıl ələmlər vardı. Bax ondan sonra heç nə yadıma gəlmir. Bəlkə mən ölmüşəm? Bəlkə qəbirdəyəm? Əgər qəbirdəyəmsə, bəs onda niyə inkir-minkir məni sorğu-suala tutmur? Yox, bura nə cənnətdi, nə cəhənnəm…»

Qaçaq Muradın huşu özünə qayıdırdı. Başının üstünü almış ölüm qəbirdə onu tərk eləmişdi. Döyüşdən sonra onun kimi xeyli adamı dəfn eləmişdilər, özləri də çıxıb getmişdilər. Dədə bəyin bilmədən vurduğu nizə zərbəsindən Qaçaq Murad xeyli qan itirmişdi və onu ölmüş bilib dəfn etmişdilər.

Üstündən xeyli keçəndən sonra o, özünə gəlmişdi. Bədəni selin-suyun içindəydi, nəfəs almaq çox çətin idi. Ağzı da, burnu da parça ilə sarınmışdı. Qollarını tərpətmək istədi. Yox, qolları da həmin parça ilə bədəninə sarınmışdı. Qalxmaq istədi, mümkün olmadı. Yalnız indi başa düşdü ki, qəbirdədir, onu kəfənə büküblər.

«Ey tanrı, axı mənim günahım nəydi ki, öldürüb dəfn eləyəndən sonra diriltmisən. Bəs qəbirdə də adamı dirildərlər? İndi mən buradan necə çıxım?»

Çiynində ağrı vardı. Amma qəbirdə olduğunu hiss eləmək o ağrıdan qat-qat dəhşətli idi və bu dəhşəti dərk edəndən sonra heç bir ağrı onunla müqayisə edilə bilməzdi.

Barmaqlarını tərpətdi. Barmaqları salamat idi. Orta barmağını bədənindəki kəfənə ilişdirib dartdı. Bir şey çıxmadı, ikinci dəfə dartanda cırılan kəfənin səsini eşitdi. Yox, o, qəbirdədi. O, yuxu görmür. Barmağı kəfəni cırdıqca, qolu rahatlığa çıxırdı. Sonra qolunu qatlaya da bildi, sifətini də kəfəndən xilas elədi. İndi bir az rahat nəfəs ala bilərdi. Əlini qaldırıb yuxarı toxundurdu. Ağac döşəmişdilər. Daş olsa, işi əngəl ola bilərdi. Yaxşı, indi neçə eləsin? Ağacı haradan çıxartsın ki, torpaq tökülüb onu basmasın. Hər halda baş tərəfdən olmaz. Onda nəfəsi təngiyər, torpaq altdan çıxa bilməz. Ortadan ağacın birini qanırıb qəbrin içinə saldı və üstünə torpaq tökülməyə başladı. İkinci, üçüncü ağacları da çıxartdı. «Qoy torpaq tökülsün, onun altından çıxa bilərəm. Çətin deyil. Yəqin ki, qəbri çox da dərin qazmayıblar. Müharibə yeridi, kimdi kəmali-səliqəylə qəbir qazan».

Torpaq oyulub qurşağına töküldükcə, onu aşağı, ayaqlarının üstünə itələyirdi. Qəbir torpaqla dolanda deyəsən işığa bənzər nəsə göründü. Qaçaq Muradın ümidi artdı. Ağacları bir-bir çıxardırdı. Torpaq onun üstünü alanda ikiəlli bu torpağı eşdi, eşdi və nəhayət, qalxıb otura bildi. Bir az da dözüm, bir az da səbr. Birdən-birə o, sinədolusu nəfəs aldı və sərin, təmiz hava onun başını gicəlləndirdi, gözünün qabağında qığılcımlar oynadı. Bu qığılcımlar bir yerə yığılıb böyük kürə şəklini aldı.

Kənardan baxan olsa görərdi ki, təzə qəbrin batmış torpağı içindən lopa bığları, iri burnu, piyalə gözləri olan bir baş çıxıb, ölümcül vəziyyətdə dayanıb. Qıyılmış gözləri üfüqdən qalxan qan rəngli aya baxır.

Qulağına səs gəldi. Bu səs onu özünə gətirdi. Aralıda çaqqallar ulaşırdı.

«Əzrayılın çəngindən çıxıb çaqqala qismət olmaq lap gülünc olar. Qəbirdən çıxmaq lazımdı». O, torpağı eşib sinəsinə qədər çölə çıxartdı. Artıq əlləri çöldəydi. Daha xilas olmuşdu. «Bir dəfə qəbirdə uzananın ömrü əlli il uzanır. Belə yerdə ki, tanrı məni diriltdi, çaqqal nədi, heç canavara, şirə, pələngə də can vermərəm». Birdən onun ağlına dəhşətli bir fikir gəldi. «Olmaya mən xortdamışam? Xortdamaq ölməkdən betərdi. Xortdayan ən vəhşi heyvandan da pisdir. Əgər belədirsə, onda ölüm yaxşıdı. Mən xortdamışam. Nə bilim xortdayan necə olur?»

Bu fikir onu tez tərk elədi. Qəbirdən çıxanda tərliydi, indi sərin hava onu üşütdü. Lüt-üryan idi. Kəfən qəbirdə qalmışdı. Heç o kəfəni çıxarmaq fikrinə də düşmədi. «Xortdayanlar ağ kəfəndə gəzirlər. Yaxşı, bəs mən indi əynimə nə geyəcəm? Hanı ordugah? Bir səs-ün eşidilmir axı…»

Qəbirdə olanda onun bircə fikri vardı. Necə olursa-olsun bayıra çıxmaq. İndi işıqlı dünyaya çıxanda min dənə dərd onu götürmüşdü. Əyninə paltar tapmaq, harada olduğunu öyrənmək, bir kənd-kəsəyə çatmaq.

Ayağa qalxdı. Amma əlləri ilə qabağını tutdu. Qaçaq Murad hamamda fitə ilə çiməndə də utanırdı. İndi bu aylı gecədə, düzün ortasında lüt, anadangəlmə dayanmağına elə xəcalət çəkirdi ki…

Çiyni bərk sızıldayırdı. Amma onun hayında deyildi. Qəbirdən çıxmış ölü hansı ağrıya fikir verəcək? Təzə qəbirlərin yanından keçdi. Artıq ayın işığı da çoxalmışdı. Bir az aşağıda nəsə parıldayırdı. Yaxınlaşdı. Bu ölmüş döyüşçünün sinəsinə düşüb qalmış qalxan idi. Bura ki lap döyüş meydanıdı.

Murad qaçaqlıq eləyəndə, karvan qabağı kəsəndə heç adamların əyninin paltarını soyundurmamışdı. İndi ölmüş döyüşçünü soyundurmaqdan başqa əlacı yox idi. Əvvəl döyüşçünün məstlərini çəkib çıxartdı. Sonra şalvarını və çuxasını soyundurdu.

İndi hara getsin? Bu döyüşdə kim qalib gəlib? Şirvanşahmı, İsmayılmı? Onun heç nədən xəbəri yox idi. Yəqin ki, İsmayıl. Yoxsa onda Muradı heç kim dəfn eləməzdi. Bu soyundurduğu da Şirvanşah qoşununun döyüşçüsünə oxşayırdı. Onda İsmayıl Şamaxıda olar.

«Yox, mən onların yanına gedəsi deyiləm. Onlar artıq məni dəfn eləyiblər. Bir daha onların gözünə görünsəm, məni xortdamış bilərlər. Bu zəhrimara qalmış yara məni incidir. Buna bir əlac eləyə bilsəydim, çıxıb öz ellərimizə gedərdim. Bəsdi, böyüklərdən gördüyümü görmüşəm.»

Qaçaq Murad paltar dərdindən qurtarandan sonra onu təzə bir dərd aldı: hara getsin? Dərdini kimə desin? Yarasını harda sağaltdırsın? İndi yara daha bərk göynəyirdi, ürəyi oyulurdu. Bir daşın üstündə oturdu. Çənəsini yumruqlarına söykədi. Sonra adəti üzrə sol əlini bığına çəkdi. Bığından torpaq tökülürdü. «Qəbrə girib çıxan adamın bığından düyü tökülməyəcək ki…»

Sonra onun gözü ayın zəif işığında paltarını soyundurduğu meyitə sataşdı. «Görəsən kimdi, haralıdı bu bədbəxt? Yazığı dəfn də eləməyiblər. Dünyanın işinə bax, qəbirdən çıxan dəfn olunmayanın paltarını geyir. Bu paltar, sahibinə nə xoşbəxtlik gətirdi ki, mənə də gətirsin?!»

Murad hiss eləyirdi ki, halı heç yaxşı deyil. Bədənində süstlük, qollarında və biləklərində gücsüzlük var. Belə getsə, onu dəfn eləyən də tapılmayacaq, meyiti bu düzlərdə qalıb qarğa-quzğuna yem olacaq. Burda ona kim sahib duracaq? Şirvanın öz oğullarının meyitləri tökülüb qalıb.

Səs gəldi, addım səsləri. Bu, at ayağının tappıltısına oxşayırdı. Həm də cidarlı at ayağının səsinə. Ürəyində yeni bir ümid işığı yandı. Əgər o, insan ayağının səsini eşitsəydi, bütün ümidləri alt-üst olardı. Atdan ziyan gəlməz. Qalxanda azacıq səndirlədi. Sərxoş adamlar kimi başı gicəlləndi. Ayaqlarını torpaqda hiss eləməyə çalışdı. Gözlərini bir anlıq yumub açdı. Başını silkələdi ki, bu zəiflik keçsin. Deyəsən indi bir az özünə gəldi.

«Atı tutmaq lazımdır», – fikirləşdi və səs gələn tərəfə yeridi. At onu görüb qaçmadı. Qulaqlarını cütləyib oxrandı. Murad yavaşca əl atıb atın yalından yapışdı. Heyvanın belində yəhər, çul da yox idi. Əyilib bir əlli cidarını açıb başına keçirdi, ayağını daşın üstünə qoyub birtəhər atın belinə qalxdı. Üzüüstə düşdü. At onu götürüb aparacaqdı. Bu atın sahibi kimdi? Onu necə qarşılayacaq? Bu daha ondan asılı deyildi. Hər şey Muradın bəxtindən asılıydı…

1

«Səkkiz behişt» sarayının həyətindəki çinarın yarpaqları qızıl kimi saralıb tökülmüşdü. Çinarın çılpaq gövdəsi neçə rəngə çalırdı. Qırmızı, göy, yaşıl, sarı.

Şah İsmayıl şəbəkə pəncərəni yuxarı qaldırıb, altındakı dayağını vurdu. Rənglər itdi. Qabığı ordan-burdan soyulmuş, ağ, gövdəli çinarın yuxarı budaqlarında bir neçə yarpaq qalmışdı. Çinarın dibindəki mərmər hovuzun içərisində isə xəzəllər suyun üzünü örtmüşdü.

O, çinara niyə bu qədər diqqətlə, zəndlə baxırdı? Əvvəl özü də bilmirdi. Çinar həmişə gözəldir. Yarpaqlayanda da, xəzəlini tökəndə də. Amma elə buna görəmi? Neçə vaxtdı gözü bu ağacda qalıb? Yox, deyəsən…

«Bu çinarı babam, qüdrətli Həsən padşah əkdirib. Bu ağ gövdəli ağac Ağqoyunlulardır… Bəli, sülalədir. Amma dövranını sürmüş sülalə. Onun başında bir neçə yarpaq qalıb. Onlar da Əlvənd Mirzədir, Murad Mirzədir. Daha sülalədən heç bir kömək gözləməyə ümidləri yoxdur. Ona görə də yüngül bir meh lazımdır ki, onlar da qopub torpağa düşsünlər və çürüməyə başlasınlar.

Bəs mən kiməm? Bu çinarla qohumluğum olsa da, mən onun budaqlarında bitmədim. Çinar çinarla qohum olsa da amma hərəsi ayrı-ayrı bitir. Mən yeni bir sülalənin başlanğıcıyam. Hansıdır o sülalə? Şah İsmayıl sülaləsi? Yox!»

Gənc şah bir neçə saatdır ki, heç kimi yanına buraxmır, fikirləşir, düşünüb-daşınırdı. Əvvəlcə sevincini öz-özü ilə bölüşmək üçün tək qalmışdı. Onun gözləri də dolmuş, dəsmalla gözünün nəmini silmişdi. Bu ana yetişmək üçün o nələrdən, hansı müsibətlərdən keçib gəlmişdi. Təklikdə qalıb sevinməyə haqqı vardı. Sevincini kimlə bölə bilərdi ki? Ana yox, qardaş yox… Ata barəsində düşünməyə da dəyməzdi. Onun ölümü o qədər uzaq idi ki… Sevincini isə sərkərdələrlə, bəylər, əmirlər, vəzirlərlə bölüşmək istəmirdi. Onsuz da onlar sevinir, onlar əylənir, məclislər düzəldirdilər. Ən böyük sevinc onun özününkü idi. Həmin sevinci o babaları Şeyx Səfiyyəddinlə, Şeyx Əli, Şeyx Sədrəddin, Şeyx Cümeydlə bölüşərdi. O, atası ilə günlərlə diz-dizə oturub sevincini izhar eləyərdi. Axı bu yolu onlar qoymuş, onlar çarpışmış, onlar qılınc çalıb, qurban getmişdilər. Cəsarətli, cürətli, inamlı igidlər bu günü nə qədər gözləmiş, nə qədər arzulamışdılar ki, parça-parça olmuş Vətənin başını bir yerə yığsınlar, gücünü, qüdrətini artırsınlar. Həmin əqidə yolunda Vətən torpağına qanlar tökülmüşdü. Kim bilərdi ki, o böyük məqsədi, bu nəsildən aman-zaman ilişib qalmış on üç yaşlı oğlu İsmayıl həyata keçirəcəkdi. İndi atası və babaları başlarını qaldırıb bu günü görəydilər. Onda o da ürək dolusu sevinər, bilər ki, əcdadlarının onun bu böyük işindən xəbərləri var.

Yox, bu sevinc də yarımçıqdır.

Yaxşı, yeni çinarın adını nə qoysun? heydərilər sülaləsi? Yox. Tədbiri tökən, yolu göstərən ulu babadır. Şeyx Səfidir. Kaş o ulu babası indi onun yanında olaydı və öz məsləhətlərini verəydi. Yazılan bir ayrı. Hər saatın öz hökmü var. Onun, saatbasaat, günbəgün görəcəyi işlər üçün babasından alacağı məsləhətlər necə də yerinə düşərdi. Həmin çinar demək hələ neçə nəsil bundan əvvəl əkilib. O çinar bu həyətdəkindən də böyükdür. Bəs nə qədər davam edəcək? Axı nəsildə o təkdir, yeganədir. Bu gənc yaşında başına bir iş gəlsə, kim o çinarı bəsləyib böyüdəcək?!

Yerdəki iri, kətəbə naxışlı xalçanın üstü ilə məstlərini asta-asta basaraq yeridi. Başını qaldırıb qızılı naxışlarla işlənmiş səqfə, sanki insan əli toxunmamış nəfis divarlara, baş tərəfdə qoyulmuş, qızıl ayaqlı taxta baxdı. «Biz qalanın hücrəsində əzab çəkəndə, dayım Sultan Yaqub burada hökmlər verirdi. Bizim anamızla bərabər həbsə alınmağımızın, Sultanəlinin öldürülməsinin fərmanları da burada verilib. Dünya, çərxi-fələk çevrildi. Həbsdəki saraya gəldi, saraydakı torpaq altına gömüldü!»

Gördüyü müsibətlər, çəkdiyi ağrılar onun fikrini vaxtından əvvəl yetişdirmiş, İsmayıl on səkkiz, iyirmi yaşlı bir igid kimi bişmişdi. Boyu hələ çox qalxmasa da o, qılınc çalıb, ox atmağı, at oynatmağı öyrənmişdi.

Yenə dönüb taxta baxdı. Onun sarı parıltısından gözlərini xeyli ayıra bilmədi. Necə də rahat, təmkinli hökmlüdür. Cansızdır, cəsədsizdir, amma üstündə oturanlara hikkə verir, hakimiyyət verir. Asa da bilir, kəsə da bilir. Sorğusuz-sualsız, dünyanın altını üstünə çevirir, ölkələri qana da çalxayır. Əsl tilsim, əsl möcüzə bu taxtdır. Çağırdığı şəxs illərlə döyüşlərdən, qırğınlardan keçib ona tərəf gəlir. Özü isə heç kimə sona qədər etibar göstərmir. Necə də rahat, necə də cazibəli və gözəldir. Təbriz bazarından bir gədanı tutub gətirib onun üstündə əyləşdirsən, dönüb əjdaha olar.

Dilsiz-ağızsız taxt ona çox şeylər deyirdi. Çox şeylər vəd edirdi. İsmayıl isə hələ də onun üstündə oturmamışdı. Başına gələn bu qədər əzab-əziyyətdən qorxmamışdı, amma taxtdan qorxurdu. Elə bilirdi ki, oturan kimi taxt onu öz hakimiyyəti altına alacaq, onun niyyətlərini unutduracaq, babasının qoyduğu yol-ərkandan çıxarıb üzünü biyabana çevirəcəkdir.

Yox, dayısının əsarətinə dözmüşdü, ancaq taxtın əsarətinə dözməyəcəkdi. Bu taxt qızıldan olsa da, onu yaxşı suvarılmış Dəməşq qılıncına döndərəcək. Onu öz əqidəsinə tabe edəcək, əmrini taxta verəcək. Qoy taxt Ələddinin çırağı kimi, o çırağın qulu kimi onun əmrlərini yerinə yetirsin.

O, taxtda oturmaqdan bir də ona görə qorxurdu ki, yeri rahat olar, arxayınlaşar. Arzularının başa çatdığına inanar, o biri hökmdarlar kimi kefə, mey-məzəyə qurşanar. Onun yeri anadan olandan bəri nə qədər narahat idisə, indi də elə narahat olmalıdır. Bir ana bətnində rahat olmuşdu, bir də bu fani, vəfasız dünyadan keçəndən sonra rahat olar.

Onun əsl taxtı yəhərdir. İldırım kimi irəli şığıyan atın üstündəki yəhər. Onun arzularını, əməllərini həyata keçirəcək bir vasitə varsa, o da odu.

Bu fikirdən İsmayıl rahatlıq tapdı. Amma onu heç kimə açmayacaqdı. Bu onun özünə lazım idi. Yəhər üstündə oturan sərkərdə düşmən qoşunu ilə üz-üzə gələndə taxt gücsüz olur. Onda yəhərdəkinin hökmü bütün taxtdan verilən şah fərmanlarından irəlidir. Onun isə yəhər üstündə görəcəyi işlərin sayı-hesabı yox idi: günbatanda Sultan Bayazid kimi qüdrətli bir hökmdar var. Şirvanda işlər yoluna qoyulmayıb. Əlvənd Mirzə Diyarbəkrdə oturub, yeni məqam gözləyir. Murad Mirzə Şirazı, İsfahanı, Bağdadı, əlində saxlayır. Təkcə Mavərənnəhrdə sakitlikdir. Teymur nəslindən olan Babur Səmərqəndi, Buxaranı tutmaq istəyir. Orada hələlik qüdrətli hökmdar yoxdur. Xorasanda Hüseyn Bəyqara çox güclüdür. Ondan qorxmağa, çəkinməyə dəyməz. Mir Əlişir Nəvainin vəzirlik etdiyi Heratda xəzinə orduya, hərbi səfərlərə yox, tikintilərə, şeirin, elmin, sənətin fərəc tapmasına xərclənir.

Əbrguh rəis Məhəmməd Kerrenin, Səmnan, Xarə və Firuzguh Hüseyn Qiya Çələbinin, İraqi-ərəb Barik bəy Pərnakın, Kaşan Qazı Məhəmmədin, Diyarbəkr Qasım bəyin, Girman Əbülfət bəy Bayandurun əlindədir. Hamısı da düşmən, hamısı da Murad Mirzənin, Əlvənd Mirzənin tərəfdarı.

Ona, Şah İsmayıla tabe olan tək Azərbaycandır. Əlvənd Mirzə ilə Murad Mirzə ölkəni iki yerə parçalayanda, Əlvənd Mirzəyə Şirvan, Naxçıvan, Muğan, Qarabağ, bir də Arazdan aşağıda Təbriz, Xoy, Mərənd, Salmas, Ərdəbil qalmışdı. Alma kimi iki yerə bölünmüş ölkənin sərhədi Qızılüzən çayından keçirdi. Ağqoyunluların bu iki şahzadəsinin ölkə bölməsini fikirləşəndə, İsmayılın yadına kökə üstündə ağlayan iki uşaq düşürdü. Kökəni bölüb uşaqları sakitləşdirən kimi, ölkəni də bölüb könlünü almışdılar.

İndi bu torpaqları birləşdirmək üçün nə qədər qanlar axacaq. Ölkə bir olmasa onun qüdrətindən, gücündən danışmağa dəyərmi?! Güclü qonşu dövlətlər yanında gərək qorxaq uşaq kimi danışmayasan. Bir də gözünü açıb görərsən ki, səni udublar. Hələ ölkənin heç bu yarısında da əmin-amanlıq yoxdur. Ölkədən yox, saraydan, Təbrizin özündən başlamaq lazımdır.

O, əlini əlinə vurdu. Xidmətçi içəri girib ikiqat oldu.

– Nəcməddin Gilanini və Hüseyn bəyi yanıma çağırın.

Xidmətçi çıxan kimi göy əbasının sinəsində saqqalı pambıq kimi görünən Nəcməddin Gilani və ondan sonra da Hüseyn bəy Lələ içəri daxil olub təzim etdilər.

– Əyləşin!

Amma özü oturmamış, heç birisi oturmağa cürət etmədi. İsmayıl taxtda yox, divar dibində düzülmüş döşəkcələrin yanındakı kürsüdə oturdu. İndi onu saray adətlərinə əməl etmək yox, fikirləşdiyi işin gedişi maraqlandırırdı.

– Şeyx Gilani, Təbriz əhlinin nə qədəri şiə olar, nə qədəri sünni?

Şeyxin başındakı ağ çalmanın qəhvəyi cızıqları vardı. Həmişəki kimi ağ, gün görməyən yumşaq dərili sifətində sakitlik, arxayınlıq hökm sürürdü.

– Şiələr azdır.

– Nə qədərdir? Axı özünüz mənə dəqiq, dürüst danışmağı öyrətmisiniz!

Şeyx Nəcməddin Gilani Lahicanda və Ərçivanda ona elmləri öyrətmiş, o vaxtdan bəri bir gün də olsun, onun yanından aralanmamışdı. O, Şeyx Səfiyyəddinin dostu və qayınatası Zahid Gilaninin nəslindən idi və həmin dostluq iki yüz əlli ildən artıq idi ki, davam eləyirdi.

Nəcməddin Gilani sayı dürüst bilirdi. Amma deməyə ürək eləmirdi, nəticəsindən qorxurdu.

– Ey imam Sahibi-Zaman, Təbriz əhlinin üçdən biri şiədir.

– Eyb eləməz, o sayı biz çoxaldarıq. Xütbəni Nəsriyyə məscidində oxuyacaqsınız. Elə orada sünniləri şiəliyə dəvət etməliyik.

Nəcməddin Gilani gözlərini barmaqlarına dikmişdi. Barmaqlarının arasından təsbehin daşları yüngülcə sürüşüb keçir, o, ehtiyatla tərpənirdi ki, daşların səsi eşidilməsin.

– Nədi? Sözlü adama oxşayırsınız. Yoxsa mən səhv eləyirəm? İkiniz də fikrinizi buyurun!

Əvvəl Nəcməddin Gilani başladı:

– Bizim indi bir fikrimiz var, ya Sahibi-Zaman! Ələ keçirdiyimiz bu dövləti hər vasitə ilə gücləndirmək. Dostların sayını çoxaldıb, düşmənlərin sayını azaltmaq lazımdır. Əgər biz indi Təbrizdə sünnilərə zorla şiəliyi qəbul etdirsək, onda Təbrizin özündə də düşmənlərimiz dostlarımızdan ikiqat çox olacaq.

Gənc şah bir an fikrə getdikdən sonra üzünü Hüseyn bəy Lələyə tutdu:

– Sizin fikriniz necədir?

– Şeyx çox doğru buyurur, qibleyi-aləm. Mənə də belə gəlir…

– Deməli, düşmənlərimiz çoxdur. Bəli, həddindən artıqdır. Ancaq onların heç biri nə Murad Mirzədir, nə də Sultan Bayazid. Vaxt gələcək, bizim düşmənimiz olmayacaq…

Şeyx Nəcməddin dilləndi:

– Sizin sözlərinizdə çox böyük həqiqət var, imam Sahibi-Zaman. Sünnilər bizi düşmən bilir. Ancaq bir var o, düşmənə toxunmayasan, bir də var onu qızışdırasan.

Şah İsmayıl gördü ki, onun fikrini heç biri başa düşmür. Təbriz onun üçün dünyanın ən böyük bazarlarından biridir. Burada hökmdardan çox bazar hökmfərmandır. Bazar camaatı isə öz qazanclarını, dolanışığını əqidəsinə dəyişməyəcək. Sünni ya şiə. Nə fərqi var onun üçün. Əgər fateh kimi Təbrizə girəndə onu alqışla qarşılamasaydılar, onda inanardı ki, onun məzhəbinə gəlməyəcəklər. Zamanın sahibinin simasında xilaskarlarını görürlərsə, demək, onun dalınca gedəcəklər.

Azərbaycan, Fars, Şiraz, Xorasan sünniməzhəb müsəlmanlar dənizində kiçik bir adadır. O adanın sahilinə güclü dalğalar çırpılır. Həmin dalğalar bu adanın qumunu da, torpağını da yuyub aparır. Ada qorunmasa onun müstəqilliyi də məhv olub gedəcək. Onu düşmən qarşısında yalnız əqidə gücünə saxlamaq mümkündür.

İsmayıl bunu başa düşürdü. Ona danışmışdılar, bilirdi ki, babası Şeyx Səfiyyəddin sünni təriqətindən şiəliyə keçib. Demək, onun özü də elə belə fikirləşib.

O, başa düşürdü ki, Təbrizdə sünniləri şiə məzhəbinə dəvət edəndə, şəhərdə narazılıq, həyəcan başlayacaq. Amma eyni vaxtda Murad Mirzənin hökmdar olduğu ərazilərin əksər əhalisi onun tərəfinə keçəcək. İsmayıl özü oxumuşdu ki, bir gün onun babası Şeyx Səfiyyəddindən soruşurlar: «İranda padşah qoşunları çoxdur, yoxsa sənin müridlərin? Cavab verib ki, mənim müridlərim padşah qoşunlarından iki dəfə artıqdır». Demək, indi onun qoşunu ilə Ərdabil Darülirşadının müridləri birləşsə, onun qarşısında heç bir qüvvə dayana bilməz. Düşməni qızışdırmaq lazımdır. Qoy dost da, düşmən də ilk gündən bilinsin. Xüsusən paytaxtımız Təbrizdə.

– Şeyx Nəçməddin, xütbəyə hazırlaşın. Bu gün xütbə oxunmalı, mən taxta çıxmalıyam. Məsciddə özüm də olacağam.

Hüseyn bəy fikirli oturmuşdu. Görünür, Şeyx Nəcməddinlə əvvəldən bu barədə danışıbmış.

Hökmdarı fikrindən döndərə bilməməkləri onu fikrə qərq eləmişdi. Əvvəldən danışıb saraydakı vəzifələri bölmüşdülər. Şeyx Nəcməddinə səltənətin sədarəti həvalə olunmuşdu. Hüseyn bəy isə əmirəlüməra vəzifəsini görəcəkdi. Zəkəriyyə Keçəçi vəzir, Dədə bəy isə qorçubaşı təyin ediləcəkdi.

Birdən Hüseyn bəyin yadına nə düşdüsə, icazə istəyib ayağa qalxdı:

– Ya imam Sahibi-Zaman, zərbxana ilk sikkəni kəsib. Göstərməyə gətirmişəm. Buyurub baxa bilərsiniz.

İsmayıl onun verdiyi pulu aldı. Üstündəki yazıları oxudu. İndi onun sevincinin həddi-hüdudu yox idi. Hökmdarlığın ilk nişanəsi onun ovcundaydı. Orada peyğəmbərin, imamların, bir də özünün adı yazılmışdı.

– Əmirəlüməra, – o artıq Hüseyn bəyi rütbəsi ilə çağırdı. – Deyirsiniz yəni Təbriz bazarında sünnilər imamların adı yazılmış bu pulla alver eləməyəcək?

– Necə eləməyəcək? Puldan üz döndərərlər?!

– Onda hazırlaşın.

* * *

Təbrizin Nəsriyyə məscidini Uzun Həsən tikdirmişdi. Eyni vaxtda onun günbəzi altına on mindən çox adam yığılırdı. Bu gün isə cümə günü olduğundan, hökmdarın taxta çıxması münasibəti ilə xütbə oxunacağından məscidin həyətində də iynə düşməyə yer yox idi. Çinarlardan tökülən xəzəllər camaatın çiynində, çalmasında ilişib qalırdı. Məscidin günbəzinə və divarların üstünə dəstə-dəstə ağ və göy göyərçin qonmuşdu. Adətən bu məscidə cümə günləri sünnilər toplaşırdı, şiələr isə məhəllə məscidlərində olardılar. Amma indi buraya gələnlərin əksəriyyəti şiələr idi. Məscidin öz axund və mollaları nə edəcəklərini bilmirdilər. Təyin olunmuş vaxtda Nəcməddin Gilani camaat namazına dayandı. İsmayıl, Hüseyn bəy, Qara Piri bəy Qaçar, Bayram bəy Qacar və digər qızılbaş sərkərdələri də onun arxasında ayaqyalın dayanıb namaz qılıb qurtardılar. Bundan sonra İsmayıl məstlərini geydi. Belindəki qılıncını çəkib minbərin yanına gəldi. Firuzə rəngli kaşılar, bu kaşılar üstündəki ərəb əlifbası kimi qıvrılıb açılan gül-çiçək təsviri məscidə xoş bir əhvali-ruhiyyə verirdi.

Nəcməddin Gilani minbərə qalxdı. Məsciddə siyirməqılınc dayanan İsmayıla baxıb özünü itirdi. Amma xütbəni oxumağa başladı.

– Bismillahir-rəhmanir-rəhim… Məhəmmədən rəsulillah, Əliyyən vəliyyullah…

Məscidə xəfif bir uğultu yayıldı. Məhəmməddən sonra gələn əfzəl xəlifələrin, həmişə adları böyük təmtəraqla bu minbərdə eşidilən Əbubəkrin, Ömərin, Osmanlı adlarının üstündən indi sükutla keçirdilər. O xəlifələrə görə bura yığılanların bir qismi başlarına dörd hörüklü çalma qoymuşdu: Deməli, peyğəmbərdən sonra onun valisi dördüncü xəlifə Əli hesab edilir. Nəcməddin Gilani xütbəni davam etdirmək istədi. Amma İsmayıl işarə verdi. O, dayandı, adamlara baxdı. Sonra aram-aram sözünə davam elədi:

– Ey müsəlmanlar, imam Sahibi-Zaman zühur edib ki, sizi zillətdən xilas etsin. O, sizin qarşınızda qılıncını siyirib dayanıb. Sizlərdən kimin günahı yoxdursa, bu məhşər ayağından sağ-salamat keçəcək, kimin günahı varsa, həmin şəxs elə buradaca öz günahını yuya bilər. Mənim dediklərimi təkrar eləyin. Bu, doğrudan da, məhşər ayağı idi. Məsciddə hələ heç kim namaz qılan vaxt şeyxin «Allahu Əkbər» kəlməsindən başqa, heç bir sözünü təkrar etməmişdi. İndi on mindən, çox adam «Əliyən-vəliyullah» kəlməsini təkrar etməliydi. Şeyx Nəcməddin həmin kəlməni bir daha təkrar etdi: «Məhəmmədən rəsullillah, Əliyən vəliyyullah». Özü də aramla… Məsciddəki şiələr onunla bərabər bu sözləri təkrar etdilər. Özü də ürəkdən, can-dildən. Neçə illər idi ki, onların səsini boğmuşdular. Aşura keçirəndə, xəncərlə alınlarını yarıb qanlarını ağ köynəklərinə tökəndə, zəncirlə sinələrinə döyəndə onları lağa qoymuşdular. İndi əllərinə girəvə düşmüşdü. Bu vaxt məsciddə tük-ürpədən bir qışqırtı eşidildi və kəsildi. Hamı döndü. Şiələrdən biri xəncəri yanında dayanan, bu sözləri təkrar etməyən qonşusunun ürəyinə saplamışdı. Qarışıqlıq düşə bilərdi. İsmayıl qorçubaşı Dədə bəyə baxdı. O da məsciddəki adamlarına göstəriş verdi. İribığlı adamı dartıb kənara çıxartdılar.

Şeyx Nəcməddin xütbəyə ara verdi:

– Ey müsəlmanlar! O şiənin cəzası veriləcək. Ona görə ki, bu allahın evinə silahla gələn yalnız Sahibi Zamandır. O, allahın buyruğu ilə gəlib və hər yerdə məhşər qurmağa ixtiyarı ona gözəgörünməzin özü verib. İndi məhşər ayağında mənim dediyim mübarək kəlamları təkrar edin.

– Biriminci imamın – imami Həsən.

Məscid titrədi.

– Biriminci imamın – imami Həsən!

– İkiminci imamın – imami Hüseyn!

Məscid yenə titrədi. Hiss olunurdu ki, artıq sünnilər də şiələrə qoşulub.

– Üçümüncü imamın – imami Zeynalabdin…

Şeyx Nəcməddin imamların adlarını sayıb qurtardı.

Axırıncı imamın adını çəkəndə əli ilə şah İsmayılı göstərib ucadan dedi:

– On ikinci imamın – Mehdi Sahibi-Zaman…

Məsciddəkilərin hamısı səcdəyə düşdü. İsmayıl artıq alınlarını yera söykəmiş, yumrulanmış adamların kürəklərini görürdü. Şeyx Nəcməddin də minbərdən enib onun qarşısında səcdəyə gəldi. Heç kim qalxmaq istəmir, ağlaşma, xeyir-dua, dilək nidaları eşidilirdi.

– Qalxın, ey müsəlmanlar! Sizi mən bu qılıncla düşdüyünuz müsibətlərdən qurtarmağa gəlmişəm. Mənə biət eləyənlərə bu dünyada da cənnət bərqərar olacaq!

İsmayılın bu sözlərini eşidəndən sonra əvvəlcə Nəcməddin Gilani, sonra da qızılbaş bəy və əmirləri, nəhayət, camaat səcdədən qalxıb diz üstündə oturdu. Şeyx onlara salavat çevirtdirib xütbəsinin xitamında vücudunda Mehdi Sahibi-Zamanı gəzdirən, amma hamının tanıdığı, Şeyx oğlu Şeyx İsmayıl Xətaini səltənətin şahı elan etdi.

Adamlar ayağa qalxanda isə yalnız bir nəfər səcdədən qalxmadı: O da ürəyinə xəncər soxulan, üzüüstə məscidin döşəməsinə düşüb qalan yaşlı kişi idi.

Həmin gün Nəsriyyə məscidi qana boyandı.

2

908-ci il zülhiccə ayının 23-u idi (1503-cü ilin iyun ayının 19-u)

Qoşun Həmədan yaxınlığında, Almaqulağı düzündə dayanmışdı. Bu, taxta çıxıb tac qoyandan sonra Şah İsmayılın ilk döyüşü idi. Qarşısında dayanan düşmən qardaşı Əlvənd Mirzə ilə ölkəni iki yerə bölən Murad Mirzə idi. Hökmdarlıq hissi çox qəribə hissdir və Şah İsmayıl bunu indi başa düşmüşdü. Nə Murad Mirzə, nə də Əlvənd Mirzə babaları Uzun Həsənin mülkündən, taxt-tacından əl çəkmək fikrində deyildilər. Yaxşı ki, onlar bir-biri ilə dil tapa bilmirdilər. Birləşsələr, bəlkə Şah İsmayılı üstələyərdilər. Amma ayrı-ayrılıqda hərəsi bir hökmdar idi. Əlvənd Şərur düzündə əziləndən sonra Diyarbəkrə qaçıb. Murad Mirzə isə Bağdaddan, Bəsrədən, Maraş və Əlbistandan qoşun toplayıb. Sultan Bayazid də ona kömək göndərib. Özünə arxayın olduğuna görə də qardaşına bel bağlamaq fikri yoxdur. Qoşunu Şah İsmayılın qoşunundan çoxdur.

Gün əyilmişdi. Axşam düşürdü. Döyüş səhər tezdən başlayacaqdı. Təpənin üstündə çadırda Şah İsmayılın yanında Hüseyn bəy, qorçubaşı Dədə bəy, Qara Piri bəy Qaçar oturmuşdu. Səhərki döyüşün gedişini fikirləşir, tədbir tökürdülər.

Ucaboy, qollu-qanadlı qızılbaş çadıra girib baş əydi.

– Qibleyi-aləm, Şirvanşah Sultan Mahmud sizin hüzurunuza gəlməyə rüsxət istəyir.

Şah İsmayıl Hüseyn bəyə baxdı. Lələ bu baxışdan çox şey oxudu.

– Dünya belədi, qurban. Vaxtilə düşmənçilik eləyən gücü, qüdrəti görəndən sonra iltimasa gəlir!

Sultan Mahmud çadıra çağrılana qədər xeyli fikirləşdi. O, Şah İsmayılın yanına gəlmək üçün çox düşünüb-daşınmışdı. «Şah İsmayıl Şirvanı alsa da özünə tabe eləyə bilməyib. Başı açılan kimi atının başını yenə Şamaxıya döndərəcək. Yaxşısı budur, özüm onunla dil tapım, özüm gedim, itaətimi bildirim.»

Sultan Mahmud Qazı bəyin oğlu idi. Babası Fərrux Yasar öldürüləndən sonra atası Şirvanşah keçmişdi. Amma on səkkiz yaşlı Sultan Mahmud hakimiyyətə keçmək üçün alışıb yanırdı. Bilirdi ki, atasından sonra hökmdar özü olacaq. Amma gözləməyə səbri çatmırdı. Taxta oturmaq, hökm vermək, adam asdırmaq, baş kəsdirmək, rəqqasələrin açıq göbəklərinə «Saqiyan» şərabı töküb içmək… fikri onun yuxusunu, rahatlığını əlindən almışdı.

Bir gecə atası məclisdən kefli qalxıb Gülüstan sarayının dar dəhlizi ilə yataq otağına gedəndə oğlu onunla qarşılaşdı. Atası nədənsə əlini yelləyib keçdi. Candarlar da yox idi. Qapıda qalmışdılar. Mahmud atasının ləngərli yerişinə baxdı. Nədənsə onun dalınca getdi. Bu ləngərli yeriş heç onun xoşuna gəlmirdi. Bu yerişdə güc, qüvvə, hakimiyyət vardı. Qazı bəy yeriyə-yeriyə qızılı naxışlı əbasının düymələrini açdı. İndi əbanın ətəkləri də yellənirdi və bu ətəklərin yellənib atasını daha da əzəmətli, qanadlı göstərməsi Sultan Mahmudu əsəbiləşdirdi və arxadan yeriyib qılıncını atasının başına endirdi.

Səhərisi gün artıq o, taxtda oturmuşdu, atasının «qatillərini» asdırır, başlarını kəsdirirdi.

Fərrux Yasarın bir oğlu da Şeyx İbrahim idi ki, şah İsmayıl Şamaxıya hücum eləyəndə Salyan və Mahmudabadda qoşun yığmış, amma qüvvələrin bərabərsizliyini görüb Gilana–Biyapasa–Hüsaməddnnin yanına qaçmışdı. Qardaşı Qazı bəyin öldürüldüyünü eşidib Şirvan üstünə yerimişdi. Sultan Mahmud əmisinin gəldiyini görüb qaçmış, şirvanşahların qəddar düşməni sayılan Şah İsmayıla pənah gətirmişdi.

Onu çadıra çağırdılar. İçəri girən kimi əyilib təzim elədi. Salam verdi. Amma Şah İsmayıl onun salamını almadı.

– De görək nə diləyin var?

– Böyük hökmdar, sizə də, burada oturanlara da yaxşı məlumdur ki, şirvanşahlar sizə düşmən olublar. Atanızı, babanızı öldürüblər. Mənim babam Fərrux Yasar da buna görə Allahın bəlasına gəldi. Atam Qazı bəy də sizin mübarək hakimiyyətinizi qəbul eləmədi. Allahın əmriylə onu öz əlimlə o dünyaya göndərdim.

Şah İsmayıl diksindi.

– Atanı öz əlinlə? Demək sən ata qatilisən!

– Qatil yox. Allah hər kəsə bəlanı bir yolla göndərir.

Hüseyn bəy dilləndi:

– Hökmdarın icazəsi ilə bir kəlmə demək olarmı?

– Buyurun!

– Biz aldığımız xəbərlərə görə atanızı öz candarları öldürüb.

– Bəli. Bu sirri yalnız burada açıram. Ona görə də Şirvanda sizə dost olan bir hökmdar olduğunu biləsiniz.

– Bəs o vaxt bunu nə üçün xəbər verməmişdin? – Şah İsmayıl qəzəblə soruşdu.

– İmkan düşməmişdi.

– Yaxşı, onda qayıdın Şirvana, Şah İsmayılın adına xütbə oxutdurun, pul kəsdirin və illik xərac verin.

Sultan Mahmud ayaq üstündə qalmışdı. Bu sözləri eşidəndən sonra məlul-məlul baxıb dilləndi:

– Onları eləməyə artıq imkanım yoxdur.

– Nə üçün?

– Çünki əmim, Şeyx İbrahim Şirvanı tutub. Taxtda oturub. O da sizin düşməninizdir. İndiyə qədər də Gilanda Hüsaməddinin yanında gizlənmişdi.

– Belə de. Belə de!..

Şah İsmayıl sakit, amma amiranə bir səslə dedi:

– Demək, bizdən kömək istəyirsən?

– Bəli. İndi Şərqdə sizdən böyük hökmdar yoxdur.

– Şirvanda hakimiyyəti ələ keçirəndən sonra Şərqdə məndən kiçik hökmdar olmayacaq. Onda tanımayacaqsan bizi. – Şah gülümsədi.

– Yox. Qurana əl basıb and içirəm. Sizə həmişə sədaqətlə qulluq edəcəyəm.

– Nə qədər adamın var?

– Hazırda yüz nəfərə yaxındı.

– Sabahkı döyüşdən sonra danışarıq!

Bu, söhbətin qurtardığına işarə idi.

Sultan Mahmud ayaq üstə, kasıb bir dövlətin fağır elçisi kimi dərdini deyəndən sonra çadırdan çıxdı və onun dəstəsinə qoşundan xeyli aralıda çadır qurmağa icazə verdilər.

– Atasını öldürən alçaqla mənim nə işim?

– Hökmdar sağ olsun! – Hüseyn bəy sözə başladı. – Atası da sənin düşmənin deyildimi? Düşmənini öldürüb. O ki qaldı oğlun atasını öldürməyinə, bu ayrı işdi. Şirvan şahlığı çürüyüb, qocalıb, hökmdar nəsli cılızlaşıb. Belə bir vicdansıza taxta çıxmaq qismət olubsa, demək sülalənin sonudu. Teymur nəslində də belə olmadımı? Uluğbəy kimi ulu bir şəxsiyyəti oğlu Əbdüllətif öldürdü. O boyda səltənət görün necə parçalandı!

Şah İsmayıl onun sözünü kəsdi.

– Yaxşı, bəs Zahirəddin Baburun vəziyyəti necədir?

– Necə olacaq. Şeybani xan onu ölkədən didərgin saldı. İndi Heratdadımı, Əfqanıstandadımı? Cəlayi-vətən oldu.

– Hüseyn bəy, sənin təklifin nədir?

– Mənim fikrimi soruşursansa deyim. Şeyx İbrahim bizə möhkəm kin saxlayır. O, Şirvan taxtında möhkəmlənsə, bizə böyük başağrısı verəcək… Hazır öz ayağı ilə gəlib çıxıb. Allah qoysa sabahkı döyüşdə qalib gələnnən sonra, ölkədə sakitlik yaranan kimi…

Şah İsmayıl isə başqa cür fikirləşirdi. Ata qatili olan adamla əlaqə saxlamaq, onun köməyinə bel bağlamaq, ata qatili olmaq kimi bir şeydir. O, şahdırsa, onu cəzalandırmalı, hamının gözü qarşısında qədim adətlərə xəyanət etmiş qatili məhkəməyə çəkməlidir. O, qürurla başını Qara Piri bəyə çöndərdi.

– Sənin fikrin nədir?

Qara Piri bəy çiynini çəkdi.

– Hər halda Lələ bəyin dediyində həqiqət var.

– Amma bu həqiqət sənin ürəyincə deyil. Elədirmi?

Qara Piri bəy kobud, ətli, çeçələ barmaqsız əlini dizinin kündəsinə çırpdı:

– Sizin hüzurunuzda olmasaydı, mən qılıncımı onun başında sınayardım. Dünən zağlatmışam. Amma heyifim də gəlir bu qılınca. Onu sabah, allah qoysa, dan üzü, Murad Mirzənin başında sınayacağam. Amma atası barəsində deyəndə öz oğlanlarım gəlib dayandı gözlərim qabağında. Fikirləşdim ki, indiyə qədər mənə məhəbbətlə oğulluq eləyən bu igidlərdən hansı məni öldürə bilər. Adam şübhəyə düşür. Yer üzündə ədalət bərqərar eləyən hökmdar belə caniləri cəzasız qoymamalıdır.

Hüseyn bəy alındı. Onun təklifi keçməsə, sözü yerə düşsə, necə olar? Bir dəfə, iki dəfə, üç dəfə bu təkrar olunsa, onun sözünə inam itə bilər. Həm də bu siyasət aləmidir. Hər şeyi bu ölçü ilə ölçmək düz olmaz.

– Hörmətli Piri bəy, sizin hiddətinizə mən də şərik oluram. Amma bir məsələ də var ki, o, hələlik bizim təbəəmiz deyil. O, əmisinin üstünə yeriyib Şirvan taxtını ələ keçirəndən sonra bizim təbəəmiz olacaq. Onda cəzasını verməyə nə var ki…

– Bəs onda bu qurumsaq bizim qılıncımızın köməyi ilə taxta çıxandan sonra bizə xəyanət eləsə necə? Atasını öldürən sənə, mənə sədaqətli olacaqmı?

– Yox, olmayacaq. O heç indi də sədaqətli deyil. Əmisinə qalib gəlmək üçün bizim üstümüzə gəlib. Bəlkə də heç atasını özü öldürməyib. Belə deyir ki, zamanın sahibinin rəğbətini qazansın. Ancaq onda hökmdar ağlı yoxdur. Ondan heç vaxt hökmdar ola bilməz. Elə bizə də bu lazım deyilmi? Zamanın sahibi harda Azərbaycan, türk tayfaları varsa, o vilayətləri bir yerə birləşdirmək istəmirmi? Şirvanda da Yezid nəsli şirvanşahların hakimiyyəti çox sürməyibmi?

Şah İsmayıl Hüseyn bəyin fikrini xeyli götür-qoy eləyəndən sonra bəyəndi. Siyasət belə dərin və uzaqgörən mətləbdir, onu tez-tələsik həll eləmək olmaz.

– Daha kimin fikri var?

– Mən də Hüseyn bəy Lələynən razıyam, – Dədə bəy dilləndi.

Qara Piri bəy Qacar:

– Yox, ağıllı fikir olmağına ağıllı fikirdi. Amma qurumsaqlara, anasının əmcəyini kəsənlərə bel bağlamaq məni açmır.

– Biz ona bel bağlamırıq. Bizə onun elə bu cəhəti lazımdı ki, istədiyimiz alınsın.

Şah İsmayıl səfər taxtının üstündə bardaş qurmuşdu. Onun ağ geyimi, o ağ ipəyin üstündəki zümrüd və qızıllar, başındakı qırmızı ipək çalma və çalmadakı humay quşunun lələyi, lələyin ətrafındakı almazlar gözəllik, gənclik və qüvvə ifadə eləyirdi. Bu səfər taxtını Ərdəbil Darülirşadına gələn nəzirlə düzəldib, üstünü Quran ayələri ilə bəzəmişdilər ki, səfərlərdə gənc şah həmişə qalib gəlsin, məğlubiyyətin nə olduğunu bilməsin. Taxtı düzəltdirəndən sonra Darülirşada gətirmiş, onun üstündə dualar oxumuş, sahibinə xeyir-dua vermişdilər. Bu taxt həm də onun babalarının yenilməz ruhunun rəmzi kimi Təbrizdə şaha təqdim edilmişdi.

Şirvanşahın gəlib qayıtmağı onların söhbətini səhərki döyüşdən yayındırmışdı. Yenidən əsas söhbətə qayıtmaq vaxtı yetişmişdi.

Şah İsmayıl Qara Piri bəyə baxdı.

– Sabahkı döyüşdə əsas ağırlıq sənin üstünə düşür. Nahaq yerə sənə «Tozqoparan» deməyiblər. Qaçar süvariləri ildırım sürəti ilə birbaşa Murad Mirzənin çadırına doğru şığımalıdır. Bu düşmən sədlərində qarışıqlıq salacaq. Çünki Muradın müxtəlif yerlərdən yığdığı, ayrı-ayrı dillərdə danışan qoşunu, birdilli, birfikirli qoşuna qarşı dayana bilməyəcək. Hüseyn bəyin şamlı və rumlu atlıları sağ cinahda olacaqlar. Dədə bəyin igidləri düşərgəni qoruyacaq. Lazım olsa köməyə də gələcəklər. Sol cinahda isə Məhəmməd bəy Ustaclının səfləri irəliləyəcək. Xadim bəy Xulafanın qoşunu həmişəki kimi pusquda durmalıdır. Qaçan düşməni doğramaq işini o hamıdan yaxşı bacarır.

Sabahkı döyüşün tədbirini əvvəldən tökmüşdülər, indi onu dəqiqləşdirirdilər.

– Mən özüm isə hər yerdə olacam!

Şah İsmayılın bu sözü Hüseyn bəy Lələni narahat elədi. Cavan şahın dərin ağlı ilə bərabər, yeniyetməlikdən gələn dəliqanlılığı, bu yaşında şah taxtında oturmağından gələn sərbəstliyi də vardı. O, hamıya nümunə göstərmək üçün atını döyüş meydanına sürərsə, hər şey çalpaşıq düşə bilərdi. O, şahdı, sərkərdədi, döyüşü kənardan idarə etməlidir. Şahın döyüşə girdiyini görən düşmən tərəf də ürəklənə bilər. Düşünər ki, demək, qüvvələr tükənib. Ona görə də şah özünü döyüş meydanına atıb. Həm də axı onun əzələləri döyüşlər, vuruşlar görmüş Yaşlı süvarinin əzələləri kimi möhkəmlənməyib.

Hüseyn bəy Lələ mənalı-mənalı Dədə bəyə baxdı. O da başını yüngülcə tərpətməklə niyyətini başa düşdüyünü bildirdi. Demək, Dədə bəy bir addım da olsa Şah İsmayıldan uzaqlaşmayacaq.

Gecədən xeyli keçmişdi. O, sərkərdələrin, Əmirəlüməranın getməyinə icazə verdi. Özü isə yata bilmədi. Gözünə yuxu getməyəcəkdi. Nədənsə, qəlbi bərk narahat idi. Döyüş heç yadına düşmürdü. Elə bil döyüşü artıq udmuşdu. Deyəsən, bu, şeir narahatlığı idi. Qələm davatını götürdü, yerdən mütəkkəyə dirsəkləndi, səkkizkünc, nəfis işləməli mizin üstündəki qızıl şamdanda şam yanıb əridikcə, gilə-gilə tökülürdü. Şamın həssas, titrək alovundan ətrafında iki pərvanə dövrə vururdu. Bir neçəsi də yanıb mizin üstünə düşmüşdü. Bu onu xeyli düşünməyə məcbur elədi. Düzdür, ona qədər pərvanədən, şamdan xeyli qəzəllər yazılıb, amma yenə də yazılır və pərvanənin oda olan hərisliyi həmişə də insanları heyrətə gətirir .

Pərvanə axı alovda nə görüb? Niyə kövrək qanadlarını, zərif vücudunu oda qurban verir? Axı onsuz da ömrü qısadır, Yox, nəsə burada böyük bir hikmət var. O hikməti dərk eləmək lazımdır. İnsan – hamısı yox, düz əqidəli insan da elə pərvanə deyilmi?! Bu torpağı birləşdirmək üçün özümüzü oda vurmuruqmu? Sabahkı döyüşdə nə qədər adam o pərvanələr kimi yanıb torpağa düşəcək?!

İnsan da pərvanədir. İnsan da özünü oda vurur və qanadlarını yandırır. Görəsən bu odda-alovda nə sirr var, nə hikmət var?

Çadırdan çöldəki ordugahın səsini şah eşitmirdi. Keşikçilərin bir-birini səsləməsi, atların fınxırtısı, ön xətdə yandırılan tonqallardan xəbərsiz idi. Şeir yazırdı.

 
Qarşıdakı qarlıca dağı gördünmü?
Yoldurmuş əyyamın, əriyib gedər.
Axan sulardan sən ibrət aldınmı?
Yüzünü yerlərə sürüyüb gedər.
 
 
Qadirsən, ey ulu şahım, qadirsən!
Hər nerəyə baxsan, onda hazirsən.
Üstümüzdə dördguşəli çadirsən,
Cümləmizi birdən bürüyüb gedər.
 

Həmin gecə Murad Mirzə də yata bilmirdi. Səhərki döyüşü fikirləşirdi. Şah İsmayıla qalib gələ biləcəkmi? Onun buna zərrəcə şübhəsi yox idi. Axı onun qoşunu Şah İsmayılın qoşunundan xeyli çoxdur. Ona İstanbuldan gəlmiş təcrübəli sərkərdələr məsləhət verirlər və üstəlik də Osmanlı qoşun dəstələri də sabahkı vuruşda ona kömək eləyəcəklər. Bu döyüşçülər Macarıstanda, Serbiyada, Avstriya krallığında silahlarını sınayıb möhkəmlənmişdilər.

İkincisinə gəldikcə Azərbaycan taxtının qanuni hökmdarı odur, – Murad Mirzə! Qardaşı Əlvənd Mirzə ilə birlikdə ölkəni idarə edə bilərlər. Əlvənd Mirzənin buna qanuni haqqı var. Amma Ərdəbil şeyxinin oğlunun bu səltənətə göz dikməyi əbəsdir. Düzdür, o da qohumdur. Amma babası Uzun Həsənin yaratdığı bu qohumluq qardaşları indi çıxılmaz vəziyyətdə qoyub. Məgər Uzun Həsən tərsa qızından dünyaya gələn qızını hökmdar nəslinə verə bilməzdi? Onu öz bacısı oğluna verib. Bu onların hakimiyyət uğrunda mübarizəsinə heç nə qazandıra bilməz.

O, boyda babasına oxşayırdı. Ucaboy idi, iri gözləri, yumşaq saqqalı vardı. Yataqda əllərini başının altına qoyub gözlərini çadırın qübbəsinə dikib fikirləşirdi. Çadırın qabağında kimsə öskürdü. O, qalxıb dirsəkləndi.

– Kimdi?

– Sahibxəbərdi, qurban.

– Nə var?

– Vacib məsələdi.

– Gəl görüm.

Sahibxəbər çadıra girdi və yataqda paltarını soyunmamış uzanan hökmdara baxmadan doğrayıb tökməyə başladı:

– Böyük hökmdar, indicə bizim düşərgəmizə dərvişin ordugahından bir fərari qaçıb gəlib.

– Nə deyir?

– Deyir ki, dərvişə kömək gəlib.

– O kömək nədən ibarətdir? Kimdir ona köməyə gələn? Axı, ona heç kim köməyə gələ bilməz.

– Deyir ki, Şirvanşah Sultan Mahmud on beş min qoşunla gəlib.

Murad qalxıb oturdu, amma qərar tuta bilmədi. Durub gəzindi.

«Şirvanşah Şah İsmayılla qan düşmənidir – Şirvanşahı öldürüb və onun oğlanları da indiyə qədər Şah İsmayılla düşmənçilik edirlər. Necə ola bilər ki, Şirvanşah belə bir kündə onun köməyinə gəlsin, özü də bu qədər qoşunla?..»

– Fərarini buraya gətirin. – Sahibxəbər getmək istəyəndə onu saxladı – Dayan. Onun sözünə inanırsanmı?

– Dediyini deyir.

– Onda get gətir.

Bir azdan üz-gözü qançır, dırnaqlarından qan tökülən ortayaşlı bir adamı çadıra gətirdilər. Onun dırnaqlarının altına qamış millər salmışdılar. Deməli, Sahibxəbər ondan düz söz öyrənmək üçün belə bir hərəkət etmişdi. Nə bilmək olar, bəlkə onu qəsdən göndəriblər? Murad Mirzəni çaşdırmaq üçün. Murad Mirzə özü onu dindirməyə başladı.

– Desin görüm haralıdır?

– Maraşlıyam, qurban.

– Bu dərvişin qoşununda nə gəzirsən?

– Yük əyməsə, daş qəribliyə düşməz, qurban. Təbrizdə nökərçilik eləyirdim. Ağam da bir əzazilin biriydi, mənə göz verir, işıq vermirdi. Dedilər, qoşun yığırlar, gəldim yazıldım ki, heç olmasa qarın dolusu çörək yeyim. Həm də dedim qürbətdənsə vətən yaxşıdır. Çatan kimi keçərəm öz hökmdarımın tərəfinə. Əliboş gəlmək də istəmirdim. Gördüm ki, Şirvanşah gəlib, qoşun gətirib, gəldim xəbərə. Elə bildim muştuluq verəcəklər, amma bu günə saldılar. Hökmdar, qurban olum, ayağının torpağı gözlərimdə sürmə olsun. Mənim axı heç bir günahım yoxdur!

Murad Mirzə yenə üzünü sahibxəbərə tutub soruşdu:

– De görüm Şirvanşahı özü görüb?

Sahibxəbər dinməmiş fərari cavab verdi:

– Yox, mən görməmişəm. Yalan deyə bilmərəm. Şirvanda nə vaxt olmuşam ki, Şirvanşahı da görəm. Görsəm də tanımaram. Axşamtərəfi bir dəstə atlı gəldi. Şah İsmayılın çadırına tərəf, dedilər ki, bəs bu Şirvanşahdı, on beş min qoşunla gəlib.

– Soruş gör qoşunu harada dayanıb?

– Ordugahın bir mənzilliyində.

– Bunun özü kimin qoşunundadı?

– Məhəmməd bəy Ustaclının dəstəsindənəm.

– Süvarisən?

– Yox, mənim atım var ki, süvari də olam. Əldə, ayaqda işləyirəm. Mehtərlik eləyirəm.

Fərarini gətirəndə Murad Mirzəni at tərinin, peyininin iyi vurmuşdu və o eymənmişdi. Bu sözünə inandı.

– Aparın! Sabah onun dedikləri təsdiq olunmasa əzabla öldürərsiniz. Təsdiq olunsa xələt verib mehtər götürərsiniz.

Fərarini apardılar. Sahibxəbər hələ getməyib Murad Mirzənin əmrini gözləyirdi.

– Bəs sənin adamların harda ölüb? Niyə səhih bir xəbər gətirmirlər? Gecənin hansı vaxtı olsa, mənə xəbər çatdırın. Get! Onu da bil ki, sənin başının salamat qalması bu xəbərdən asılıdır.

Murad Mirzə qəti inana bilmirdi ki, Şirvanşah Şah İsmayıla köməyə gələ bilər. Bir məsələ də onu təəccübləndirirdi. Ona – Murad Mirzəyə, Əlvənd Mirzəyə qüdrətli türk sultanı kömək edir, qoşunları da çoxdur, xəzinə də əllərindədir. Şah İsmayılın isə heç kimdən köməyi yoxdur. Heç kimə bel bağlaya bilmir. Amma qalib gəlir. Bunun səbəbi nədir? Ona qüvvə verən doğrudandamı Ərdəbil seyidlərinin cəddidir, onun Sahibi-Zaman olmasıdır.

Murad Mirzə məsələlərə açıq gözlə baxmağı bacarırdı. Başa düşürdü ki, şah İsmayılda ilahi qüvvə yoxdur. Amma nəsə, elə bir qüvvə var ki, insanları onun ətrafına toplayır. Bəs o qüvvə nədir, kimdir? Niyə babam Uzun Həsənə sədaqətlə qulluq eləyən ölkə onun nəvələrindən üz döndərib? Səbəb nədir? Niyə Fateh Mehmetin nəvəsi Əhməd, vergiləri azaltsa da, Təbrizdə möhkəmlənə bilmədi?

Qəribə işdi! İndi hamı «Şah İsmayıl» deyir. Onun tərəfinə qaçır. Hələ bilmirlər ki, bu dərviş nəvəsi onlara heç nə verməyəcək. İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq. Yaxşı olacaqmı?

Bu fikirlərlə o, yuxuya getdi. Yuxudan onu təbil səsləri ayıltdı.

Qara Piri bəy Qacarın süvariləri qarşısında, at belində oturmuş cavan bir aşıq sazını sinəsinə basıb çalırdı. Onun belində qılınc, yəhərin qaşından asdığı ox qabı və qalxanı vardı. Cavan aşıq atını qoşun qabağında cövlan eləyib oxumağa başladı:

 
Könul, nə gəzirsən seyran yerində,
Aləmdə hər şeyin var olmayınca,
Olura-olmaza dost deyib gəzmə,
Bir əhdinə bütün yar olmayınca.
 
 
Yürü, sufi, yürü, yolundan azma,
Elin qeybətinə quyular qazma.
Yorulma bihudə, boşuna gəzmə,
Yanında mürşidin yar olmayınca.
 
 
Qalxdı, havalandı könlümün quşu,
Qovğa, qeybət etmək köntünün işi.
Ustadın tanımaz bunda hər kişi,
Onun kim, mürşidi ər olmayınca.
 

Sıralardan «bəh, bəh!» nidaları eşidilirdi. Qara Piri bəy Qacarın qulağı aşıqda olsa da, fikri qarşıdakı təpədə sıralanmış düşmən səflərində idi. O, bir anı belə əldən vermək istəmirdi. «Ürəkli ordu az da olsa, həmişə qalib gəlməlidir». Bu onun tez-tez işlətdiyi söz idi. Həmişə də hücuma birinci atılmaq, ilk zərbəni özü vurmaq adətinə vərdiş eləmişdi. Deyəsən, düşmən səfi bir dəfə ləngər vurdu, amma yenidən sakitləşdi. Bu Qara Piri bəyin gözündən yayınmadı. Demək, düşmən tərəddüd içindədir. O, əlini qaldırdı, aşıq sazını çiyninə aşırıb qılıncını siyirdi və öz yerinə qayıtdı. Qara Piri bəyin göydəmir atı şahə qalxdı, onun yorğun, gur səsi eşidildi.

– Qurban olduğum, sadağa olduğum, pirim-mürşüdüm!

Minlərlə səs ona hay verdi. Amma bir gəlmə belə qarışmadı. Uzaqda, çadırının yanında dayanıb baxan Murad Mirzənin qulaqlarında bu gəlmələr aydınca səsləndi. O, indi başa düşdü ki, onun qoşununun belə bir hücum nidası, nərəsi yoxdur.

Murad Mirzənin tükləri ürpərdi, hiss elədi ki, bu nida qarşısında onun qoşunu dayana bilməyəcək.

O, Sultan Yaqubun oğlu idi. Atası, Şah İsmayılı, öz bacısı Aləmşahbəyimi illərlə həbsdə saxlamışdı, kürəkəni Şeyx Heydər nəslinin kökünü kəsməyə çalışmışdı. Bacarmamışdı. Amma budur, həmin nəsil bütün heyfləri onlardan çıxıb. Hakimiyyəti alıb taxt-taca yiyələnib. Nəslin son hökmdarı indi də Murad Mirzənin üstünə qılınc çəkib. Hiddət, nifrət budur. Həmin nifrət qarşısında nə dayana bilər?

Murad Mirzə əmr verdi ki, qoşun hücuma keçsin. Özü də hiss elədi ki, gecikib. Artıq hər tərəfdən qoşunlar onu mühasirəyə alıb. Qoşunlarının meydanı daralıb.

Döyüş başladı. Qılıncların cingiltisi, insan bağırtısı, atların kişnərtisi bir-birinə qarışmışdı.

Murad açıq-aşkar görürdü ki, onun qoşunlarının səfi pozulur. Qara Piri bəyin süvariləri iraqlı döyüşçüləri şil-küt eləmək üzrədir. Mirzə əmr verdi ki, Qasım bəy Pərnakın pusquda dayanan qoşunu köməyə gəlsin. Çapar gedib tez də qayıtdı.

– Böyük hökmdar, mən dil günahkarıyam. Qasım bəy xain çıxıb, düşmən tərəfinə keçib.

Bu artıq məğlubiyyət demək idi.

Hərəmxananı, öz canını qurtarmaq qayğısına qalmaq vaxtı yetişmişdi. Artıq başqa bir çaparın:

– Məhəmməd boy Ustaclının qoşunu mosulluları araya alıb, qılıncdan keçirir! – Kəlmələrini eşitmədi. Bəlkə də eşidib əhəmiyyət vermədi. Onun mosullulara kömək etməyə heç bir imkanı yox idi.

O, candarların başçısına göstərişlərini verdi, atını minib qılıncını siyirdi. Bu, fərarilik etmək ərəfəsində olan döyüşçülərinin gözü qabağında açıq-aşkar qaçdığını bildirməmək üçün bir fənd idi. Yaxşı ki, Bağdad yolu hələ bağlanmamışdı və burada min nəfərə qədər şəxsi qulamı onu gözləyirdi.

Murad Mirzənin qılınc siyirdiyini görən döyüşçülər ümidlərini itirməyib təzədən döyüşə atıldılar. Bu vaxt Murad Mirzənin gözünə bir atlı sataşdı. Atlı yəhərə yatıb ildırım sürəti ilə çadırların yanından keçib dərəyə endi. O, açıq-aşkar Şah İsmayılın aydın görünən ağ çadırı qurulan təpəyə tərəf çapırdı.

– Kimdir o?

– Tanıya bilmədim.

– İsmayıla qəsd eləməyə adam göndərməmisiniz?

Göndərmişdik, hamısını qırıblar.

– O, qəsd eləməyə gedənə oxşamırmı?

– Bəlkə də!

– Bəs onda niyə təkdir?

– Bilmirəm.

Murad Mirzə tərəddüd edirdi. Onu ən yaxın bir adama oxşatmışdı. Özü də qoşunların seyrəldiyi yolla ildırım sürəti ilə çapırdı. Qabağına bir atlı çıxdı, özünü itirmədən qılıncını elə çaldı ki, at sağa sıçradı və ayağı üzəngiyə ilişən sahibini sürüyüb apardı.

Atlı artıq təpəni dırmaşmaqda idi. Şah İsmayılın candarları onun qabağına çıxdı. Bu vaxt Murad Mirzənin candarlarından biri yaxınlaşıb nəsə dedi və o qılıncını həmin candarın başına endirdi. O, ikiyə parçalanan insan başının eybəcərliyinə nifrətlə baxıb atını hökmdar çadırına tərəf sürdü.

Atlı Şah İsmayılın çadırı yanında qızılbaş müridlərinin onu tikə-tikə doğrayacağını görüb atını saxladı, qılıncını tulladı.

– Məni şahın yanına aparın! Ona çox vacib bir xəbər verməliyəm! – dedi. Onlar dəbilqənin çöhrələdiyi bu gözəl simanı görüb özlərini itirdilər, əlləri boşaldı. Dədə bəy yaxınlaşdı.

– Sən kimsən?

– Mənim kimliyimi yalnız şah bilməlidir. Başqa heç kim.

Onun sifətində, səsində elə bir məlahət vardı ki, Dədə bəy gördü ki, bu adi adam deyil!

– Onda atdan düşün.

O, atdan düşdü.

– Başqa silahın varmı?

– Yox.

Dədə bəy onu çadıra apardı.

Şah İsmayıl taxtda oturmuşdu və tək idi. Döyüşün gedişini tez-tez ona xəbər verirdilər və qələbənin çox yaxın olduğunu hiss elədiyindən kefi kökəlmişdi.

– Qibleyi-aləm, bu gənc çox vacib söz demək üçün o tərəfdən gəlib.

– Elçidirsə, lazım deyil. Murad Mirzənin elçisini qəbul etmirik.

– Yox, mən elçi deyiləm, hökmdar. Gəlmişəm bibim oğlunu təbrik edəm.

Şah İsmayıl da bu səsdə qəribə bir məlahət, çöhrədə isə gözəllik və məhrəmlik hiss elədi.

– Sən kimsən?

Mən yalnız ikilikdə deyə bilərəm.

– Yaxşı, Dədə bəy, bizi tək buraxın.

Dədə bəy çıxıb çadırın qabağında sayğılı dayandı ki, işdir, bir iş olsa özünü çatdırsın. İkilikdə qalanda gənc dəbilqəsini çıxartdı, şabalıdı saçları onun dəmir köynəyinin çiyinlərinə töküldü.

– Mən hökmdarımızın dayısı qızı Taclıbəyiməm.

Taca layiq bu gözəl onun dayısı qızı, Murad Mirzənin doğma bacısı idi. Şah İsmayıl ona yer göstərdi. Taclıbəyim oturandan sonra özü də oturdu, amma taxtda yox, onunla qarşı-qarşıya qoyulmuş kürsüdə. Xeyli baxdı, Taclıbəyim isə tutaş kirpiklərini aşağı endirdi. Onun yumru, şehdə yuyulmuş ağ alma kimi təravətli yanağında qızartı göründü. Bu anı heç bir söz ifadə edə bilməzdi və ona görə də heç biri danışmırdı. Hər şey məlumdur. Murad Mirzə məğlub olub. O qaçıb İstanbula gedəcək, orada paşa ləqəbi alıb sancaqların birinə sancaqbəyi göndəriləcək. Taclıbəyim də artıq yetişib, onu Osmanlı paşalarından birinə ərə verəcəklər. Bununla da əlvida Təbriz, əlvida ana torpaq. O, isə qalıb bibisi oğluna sığınmışdı. Bu gözəl, igid qızın hərəkəti Şah İsmayılın ürəyini sözlə doldurmuşdu.

 
Gəl, könül, kiçimə bizdən,
Qalsın, könül, yol qalmasın!
Əvvəl-axır yol qədimdir,
Qalsın, könül, yol qalmasın!
 
 
Ərənlər bizi busudır,
Yalan söyləyən asidir.
Bu gerçəklər nəfəsidir,
Qalsın, könül, yol qalmasın!
 
 
Başındadır altun tacı,
Budur ərənlər meracı,
Kəskindir yolun qılıncı,
Qalsın, könül, yol qalmasın!
 
 
Ey divanə, ey divanə,
Aşiq olan qıyar canə.
Xətai der, Taclı xanə
Qalsın, könül, yol qalmasın!
 

Yox, Şah İsmayıl şeiri bərkdən oxumurdu. Ürəyində, xəfif bir səs, bir duyğu ilə pıçıldayırdı. Bərkdən desə Taclıbəyimin xətrinə dəyə bilərdi. Yəqin ki, yaxın vaxtlarda onun özünə oxuyacaq.

Bu uzun sürən, amma gərginlikdən çox lətafət, səmimiyyət, şirin yuxu timsallı sükutu Taclıbəyim pozdu.

– Şahım, sizin çadırınıza çaparkən yolda müridlərindən biri qabağımı kəsdi, o məni öldürə bilərdi. Mən cəld tərpəndim. Rica edirəm onun ailəsinə qanpulu verilsin.

– Neçə?! Mənim belə zəriflik timsalı dayım qızı müridlə vuruşmada onu üstələyib?

– Bəxt mənim tərəfimdə idi. Siz necə istəyərdiniz, şahim?

– Əlbəttə, sizin üstün gəlməyinizi. Mən heyrət içindəyəm!

– Heyrətlənməyin, şahım! Nəslimizin başına gələn müsibətlər mənə lap gənc yaşlarından at minib qılınc çalmağı öyrədib. Kişilərimiz çox tez-tez sıradan çıxıblar. Qızlarımız və qadınlarımız özlərini qorumağı bacarmalıdı ya yox?!

– Əhsən, Taclıbəyim. Mən göstəriş verərəm, müridin ailəsinə həmişə kömək edərlər.

Qapının ağzında Dədə bəyin səsi eşidildi.

– Hökmdar, qələbə! Təbrik eləyirəm.

Şah İsmayıl çadırın ağzına çıxdı. Bayaq qoşun səfləri dayanan dərə-təpələrdə insan və at meyitləri qalaqlanmışdı. Murad Mirzənin ordugahdakı çadırların tərəflərini kəsib yıxırdılar.

– Murad Mirzənin özü hanı?

– Özü hərəmxanasını da götürüb qaçıb. Qoşuna göstəriş vermişəm, təqib eləsinlər. Harda tutsalar, ya ölüsünü ya dirisini gətirsinlər.

– Dədə bəy, hökmdar adından fərman verməyə nə vaxtdan sizi vəkil eləyiblər?

Söz Dədə bəyə toxundu, amma özünü o yerə qoymadı. Hələ özünü günahlandırdı da. Doğrudan da hökmdara nə qədər yaxın olsan da, gərək onun yaxınlığından sui-istifadə etməyəsən, onun adından danışmayasan. Adətən belə vaxtlarda düşməni təqib edirlər, ya ölüsünü ya da dirisini gətirirlər.

Şah İsmayıl ötkəmliklə dedi:

– Adam göndər, təqibçilər qayıtsın. Onsuz da Murad namurad qaldı. Qoy o, sağ-salamat qalıb, kənardan bizim hökmranlığımızı görüb xiffət çəksin.

Qardaşı bacıdan çox istəyən heç kim olmaz. Qardaşı qardaşından çox bacısı istəyir. Muradın taxtı elə dönüb ki, doğma bacısı da ondan üz döndərib.

Şah İsmayılın əmri ilə Murad Mirzənin yanından onun tərəfinə keçən Qasim bəy Pərnakı çadıra gətirdilər. Bu həmin Qasım bəy idi ki, dananın irtməyindən yapışanda dartıb çıxarırdı. Bu həmin Qasım bəy idi ki, Biyəpişdə Mirzə Əliyə Qurana and içdirmişdi. Körpə İsmayılı axtarırdı. O vaxt əlinə keçsə idi, tikə-tikə eləyəcəkdi. İndi onun yanına qaçır.

Qasım bəy yayxana-yayxana çadıra girib üzündə rübənd olan Şah İsmayılı görən kimi üzü-üstə düşüb iməkləyə-iməkləyə dedi:

– Qurbanın olum, itin olub qapıda dayanım, məni al qanadının altına. Səni deyib gəlmişəm.

O boyda adamın bu şəklə düşməyi, iməkləməyi, yalvarmağı Şah İsmayıla qəribə gəldi. Axı onu belə görməmişdilər.

– Qasım bəy, yadındamı, məni axtarırdın. Rüstəm Mirzəyə verib ənam, rütbə, torpaq alacaqdın. O qoca Mirzə Əlini Qurani-şərifə and içməyə məcbur elədin. Elə bilirdin allah belə işi bağışlayır? Bağışlamır! Nə qədər Əbih Sultana qoşuldunsa, namurad Mirzəyə bel bağladınsa, mümkün olmadı. Zamanın sahibindən qaçıb qurtarmaq mümkün deyil.

– Eşşəklik eləmişəm. İnanmamışam. Gönü qalınam. Neynim. Burnumun ucundan o yanı görə bilmirəm. Mən bədbəxt başıma haranın daşını salım? Öldürsən, qanım halaldı. Günahkaram. İndi gəlməkdə fikrim budu, günahımı yuyum.

– Yox, Qasım bəy, sənin günahını yumaq olmaz.

Onun iri sifəti qalxdı, xalçanın üstü ilə sürünən iri bığları bir az da elə bil uzandı, sir-sifəti əyildi, zülüm-zülüm ağlamağa başladı.

– Öldürmə məni, Sahibi-Zaman. Balalarım var. Axı mən heç bir pislik eləməmişəm. Göndərmişdilər sənin dalınca, Mirzə Əli Qurana and içdi, mən də inandım qayıdıb gəldim. Axtarmadım axı…

Şah İsmayıl taxtın yanında ayaq üstə dayanıb əllərini belinə vurmuşdu.

– Sən öz mülkünə görə mənim tərəfimə keçmisən. Muradın məğlub olduğunu görəndən sonra bildin ki, işin bizdən aşır. İndi mənə de görüm mal-mülk şirindi, ya can.

– Zamanın sahibi sağ olsun, can da şirindi, mal-mülk də.

Şah İsmayıl güldü.

– Get yaşa, oğul-uşağına de ki, ağılları başlarında olsun.

– Qurban olum, sadağa olum, pirim-mürşüdüm, – Qasım bəy bu sözləri döyüş başlayanda əzbərləmişdi və onun canına qorxu düşmüşdü. Görmüşdü ki, Şah İsmayılın qoşunlarının hamısının sözü bir, dili birdi. Onlara batmaq qeyri-mümkündü.

Qasım bəy qalxmaq istəyəndə Şah İsmayıl soruşdu:

– Sünnisən, ya şiə?

– Sünniydim, şiə oldum, ya pirim-mürşüdüm.

– Görək də necə şiə olacaqsan.

Qasım bəyi buraxdılar.

– Bundan sonra namurad Şiraza qaçdı və Şah İsmayılın qalibiyyət bayraqları onu izlədi. Bu səfərdə Kirman da azad edilib ocaqlıq kimi Xan Məhəmməd Ustaclıya verildi. O da 600 nəfər atlı ilə ora yollandı. Bunu eşidən Məhəmməd bəy Türkmən iki min döyüşçüsü olsa da, bu yerləri qoyub Xorasana qaçdı. Novruz bayramını (siçan ilində) İsmayıl Fars vilayətində keçirtdi.

(Zeynalabdin Əlinin «Təkmilat əl-əxbar» kitabından)

3

Dünyaya təzə gəlmiş Səfəvi dövlətinin gələcəyini fikirləşən əmirlər, bəylər gənc şahı evləndirmək üçün çox götür-qoy edirdilər. Nə qədər tez evləndirsələr, bir o qədər də tez vəliəhd dünyaya gələr və bu qədər müharibələr içərisində, birdən Şah İsmayıla bir bədbəxtlik üz versə, onda onu əvəz etməyə hökmdar da olar.

Hökmdarın evlənməyi də müzakirəyə qoyulub hamının razılığı ilə olmalı idi. Söz yox ki, onu tək Taclıbəyimlə evləndirmək fikrində deyildilər. Ümumiyyətlə əmirəlüməra Hüseyn bəy Lələ, vəzir Zəkəriyyə Keçəçi Təbrizi, Dədə bəy, Xan Məhəmməd Ustaclı, Qara Piri bəy Qacar və başqaları belə hesab edirdilər ki, şahın dayısı qızı ilə evlənməsi məqsədəuyğun deyil. Bu izdivacdan əmələ gələcək vəliəhdlər Ağqoyunluların, Murad Mirzənin və Əlvəndin tərəfini saxlaya bilər, bu isə gələcəkdə ölkədə çoxlu nahaq qanların tökülməsinə bais olar.

Şah İsmayıl isə bir könüldən min könülə Taclıbəyimə vurulmuşdu. Gecə-gündüz onun vəsfinə şeirlər, qəzəllər yazırdı. Taclıbəyim sarayda kənizləri ilə yaşayırdı və istədiyi vaxt şahanə bir görkəmlə şahın hüzuruna gəlir, nazik tül arxasında əyləşib öz yaşıdı dayısı oğlunun söhbətlərinə qulaq asırdı. Onların arasında böyük bir məhəbbət yaranmışdı. Amma heç biri bu məhəbbəti biri-birinə izhar etməmişdi. Onsuz da hər şey aydın idi. Divanın məsləhətini gözləyirdilər.

Hüseyn bəy Lələ bu dəfə də içəri girəndə gördü ki, Şah İsmayıl Taclıbəyimə şeir oxuyur. Qayıtmaq istədi, amma Şah onu getməyə qoymadı. Ona görə yox ki, Hüseyn bəy şeirin bilicisiydi. Onun fikrini bu izdivaca yönəltmək üçün qaytardı. Qəzəli təzədən oxumağa başladı:

 
Qönçətək ləlini xəndan etdigin, yəni ki, nə?
Lalətək bağrını pür qan etdigin, yəni ki, nə?
Qara zülfün ağ yüzün üstündə əfşan eləyib,
Könlümü qəmdən pərişan etdigin, yəni ki, nə?
Qılmaq üçün tazə hüsnün bağın, ey sərvi-rəvan,
Gözümü kuyində giryan etdigin, yəni ki, nə?
Tökmək üçün qanımı başım kəsib hər dəmbədəm,
Şahsuvarım, əzmi-meydan etdigin, yəni ki, nə?
 

Şah İsmayıl başını qaldırıb Hüseyn bəy Lələyə baxdı. Bu baxışda hər şey vardı. Taclıbəyimdən ötrü o hər şeyə hazır idi və bunu onun alışıb yanan sifəti, gözlərinin işığı, əlində tutduğu zərvərəqin titrəyişi deyirdi.

– Çox gözəldir, şahım. Şeirinin kamilliyinə söz ola bilməz. Açığını deyim ki, bəzi hökmdarlar da şair adını daşımaq üçün divanlar yazırlar. Amma onların bütün divanları tək bu qəzələ dəyməz.

Hüseyn bəy Lələ açıq-aşkar Murad Mirzəyə işarə vururdu. Murad Mirzənin də divanları vardı. Həm də sözdən çox mənalar oxumaq olardı.

– Lələnin sözü çox xoşdur. Görək Taclıbəyim nə deyəcək?

Taclıbəyim qalxıb təzim elədi.

– Çox lətif və çox zərifdir.

– Bu zərvərəqi xəttatlara yazdırmışam ki, sənə təqdim edəm. Fikrini sonra da deyə bilərsən. Qəzəl sənindir, Taclıbəyim.

Taclıbəyimin yanaqları od tutub yandı və kağızı alan kimi təzim edib getdi. Kənizlər də onun dalınca düşdü.

Hüseyn bəy Lələni Şah İsmayıl yaxına çağırıb yer göstərdi.

– Lələ! – O çox mehriban, sadə və məhrəm bir səslə danışmağa başladı. – Sən mənim yolumda çox bəlalar çəkmisən. Atamın dostu kimi həmişə onu əvəz edib məni qorumusan.

– O biriləri qorumağa gücüm çatmadı, qurban, – Hüseyn bəy günahkarcasına dilləndi.

– Bilirəm. O bir adamın işi deyildi. İndi başqa söhbət eləmək istəyirəm. Yəqin ki, məni başa düşürsən. Lələm olduğuna görə çox açıq danışa bilmirəm. Hamısını özün görürsən.

– Bəli! Hökmdar, sən daş qoyduğun yerə mən başımı qoyacam, bu aydın məsələdir. Ona görə mənim fikirlərimi də eşitməyi rica edirəm. Mənim borcum səni və səltənətimi qorumaqdır. Taclıbəyim dayın qızıdı, o dayının ki, atanın ölümündə Fərrux Yasara kömək eləyib. Sultanəlinin İbrahimin ölümü onların əli ilə olub. Bundan sonra, oğlu Murad, siz dediyiniz kimi namurad, taxtı almaq meylindən əl çəkməyib. Taclıbəyim onun bacısıdır. Məni düzgün başa düşün, hökmdar. Mən sənin həyatın, xoşbəxtliyin və taxt-tacın üçün başımla cavabdehəm. Amma hamıdan, səndən, lap allahdan da çox, Şeyx Heydərin qarşısında cavabdehəm. Hər şeyi ölçüb-biçməsəm, heç nə deyə bilmərəm.

Bu, işin bir tərəfi. İkinci tərəfdən onu deyim ki, Murad, osmanlıların yanına qaçıb və Uğurlu Məhəmməd kimi onun da gözü burdadır. Onun bacısı ilə evlənəndən sonra ümidi artar. Bəlkə də bacısı vasitəsilə bir iş də görə bilər. Bunlar hamısı ehtimallardır. Hələlik heç kimi günahlandıra bilmərəm.

Hüseyn bəy Lələ Şah İsmayılın gözlərində qəribə bir narazılıq gördü. Səbəbini də başa düşdü. Tez də cavabını verdi.

– Hökmdar, qurban, bu yaşdakı məhəbbətin nə demək olduğunu gözəl bilirəm. Qəlbin narahatlığı, ürəkdəki sevinc… Bunlar hamısı gözəldir. Bu istəkdən səni heç kim ayıra bilməz… Amma hökmdar olmaq da çox çətin məsələdir. Onun hər addımı, hər hərəkəti ölkənin mənafeyi ilə ölçülməlidir. Narazılıq doğurmamalıdır. Bu hakimiyyətin qurulmasında yaxından iştirak edib, özlərini, var-dövlətlərini, adamlarını fəda edən əmirlər var. Taclıbəyimlə toyunuz onların çoxuna toxuna bilər. Çünki onların düşmən kimi vuruşduğu Sultan Yaqubun qızı ilə evlənməyiniz hər halda üzdə də olmasa onların ürəyində narazılıq toxumunu cücərdər. Bunun üçün belə bir təklif eləyirəm: peyğəmbərimizin şəriəti ilə Taclıbəyimlə bərabər, əmirlərdən birinin qızı ilə də evlənmək lazım gələcək.

Şah İsmayıl üçün bu təklif gözlənilməz oldu.

– Mən təkcə Taclıbəyimi sevirəm.

– Qurban, burada məhəbbətə çatmaq üçün də güzəştə getmək lazım gəlir.

– Axı atamın anamdan başqa zövcəsi olmayıb.

– Atan şeyx idi, sən şahsan. Şah olmağın axı şərtləri çoxdur. Hərəmxanada heç olmasa dörd xatun olmalıdır. Onların ikisindən övlad olmasa da, ikisindən olacaq. Həm də hardan biləsən ki, doğulan övladların hamısı taxt-taca layiq olacaq. Sonra bir əsas məsələni də yaddan çıxarmaq olmaz. O da qonşudakı ən güclü hökmdarların heç olmasa biri ilə qohum olmaqdır.

Şah İsmayıl, Hüseyn bəy Lələnin fikirlərinin dürüstlüyünə, uzaqgörənliyinə heyrət etməyə başladı. Axı o heç bir hökmdarın sarayında olmamış, belə məsələləri təcrübəli adamlardan soruşub öyrənməmişdi. Özü düşünürdü. Demək əsl əmirəlüməradır. Atası nahaq yerə onu özünə siğə qardaş seçməyib. Onun dediklərini bir daha götür-qoy elədi. Əmirlərdən birinin qızı ilə evlənmək deyəndə kimi nəzərdə tutur. Bəlkə özünü? Onun qızı varmı? Şah İsmayıl onun ailəsi barəsində axı heç nə bilmirdi. Soruşub öyrənməmişdi. Ani fikirdən sonra soruşdu:

– Lələ, axı mən bir məsələni bilmirəm. Sənin ailən, uşaqların?..

Hüseyn bəyin sir-sifətini kədər bürüdü və o, kədər içərisində gülümsəyə-gülümsəyə dedi:

Əbih Sultan Ərdəbildə mənim də ailəmi, uşaqlarımı tapıb qılıncdan keçirib. Ondan sonra ailə barəsində fikirləşməyə vaxt tapa bilmişəm ki?

«Allah, bu necə müqəddəs adamdır! Demək Ərdəbildə tək mənim qayğıma qalıb. Öz balaları da yadına düşməyib. Həm də əmirlərdən birinin qızını deyəndə özünü nəzərdə tutmur.»

– Lələ, hansı hökmdarı deyirsiniz?

– İndi bizim iki böyük qonşumuz var. Osmanlı türk sultanı, bir də gündoğan türk xaqanlığı. Onların hər ikisi də bizə düşməndir. Şeybani xan Teymur nəsli Baburu Səmərqənddən qovandan sonra qan-qan deyir. Onunla qohum olmaq qeyri-mümkündür. Amma Sultan Bayazid özünü sakit aparır.

– Onların sakitliyini bilirik. Saman altdan su yeridəndirlər. İlanı Seyid Əhməd əli ilə tutmağı xoşlayırlar. Gödək Əhməd əhvalatı kimi. İndi də o siyasəti yeridəcəklər. Mən tam razıyam əmirəlüməranın fikriylə. Onun məsləhətləri ağıllı və məntiqlidir. Şirvanşah Sultan Mahmuddan nə xəbər var?

– Ona qoşun verib göndərəndən hələlik bir şey yoxdur. Gülüstan qalasını mühasirədə saxlayır.

– Şahim, Taclıbəyimlə toya hazırlığa başlamaq olarmı?

– Sən ki, bu izdivacın əleyhinəsən.

– Şahimiz o birisi fikirlə razılaşıb. Ona görə də toy hazırlığına başlayaq.

4

Şamaxıya payız gəlmişdi. Zoğalovay çayının hər iki tərəfindəki kolluqlarda zoğallar mərcan dənələri kimi qan rəngi almış, sumax kollarındakı yarpaqlar göyrüş gözündən qalxan alov dillərinə dönmüşdü. Göylərə baş çəkən əbrişim ağacları payız günündə yuxarı yarpaqlarını tökməyəndə qocalar deyir ki, qış sərt gələcək. Ağaclar çox vaxt insanlardan çox uzaqgörən olur. Əbrişim boyu qalxan kələsərin həm yarpaqları tökülmüş, həm də salxımları qurumuşdu. Üzümün suyu çatmayanda nəmliyə qənaət etmək üçün əvvəl yarpaqlarını tökür, onda da nəmlik azlıq edəndə meyvələrinə şirə vermir. Kökü saxlamaq vacibdir. Salxımlar hər il olur, onu adamlar da yeyir, quşlar da, həşəratlar, vəhşi heyvanlar da. Gələn il yenidən dirilmək naminə onların şirəsini saxlayıb yaşatmaq lazımdır. Təbiət müvəqqəti qış ölümünə hazırlaşsa da elə bil təzədən cilvələnmişdi. Köhnə taxıl yerində qırqovullar ürkək-ürkək gəzişirdilər. Qırmızı, yaşıl, bir sözlə, qövsi-qüzehin bütün rəngləri ilə bəzənmiş qırqovullar məğrur-məğrur gəzinir, don axtarırdılar. Boz-fərə qırqovullar isə paltarından utanırmış kimi sanki büzüşmüşdülər.

Tutluqlar yayda doğranıb baramaya veriləndən sonra təzədən uzun şivlər bağayarpağı kimi enli, parlaq yarpaqlar vermiş, təzədən qurumuşdu. Ala-tala əkilmiş dağ yamacları gələn ilin bolluq olduğundan xəbər verirdi. Bəlkə də təbiət beləcə bəzənib-düzənərək son büsatını göstərmək istəyirdi. Axı bir azdan solacaq, bozaracaq, üstünə qırov düşəndən sonra hər yer bir rəng alacaqdı…

Yaşıl kövşənliklərdən yuxarıda Gülüstan qalası görünürdü. Ətrafın əlvanlıqları arasında onun divarları, çox ölgün rəng almışdı. Bu rəng onun əzəmətini də sanki azaltmışdı.

Gülüstan sarayında oturan Şirvanşahın qarşısındakı süfrədə bir parça quru çörək, bir piyalə «Saqiyan» şərabı vardı. Şirvanşahın özündən başqa burada heç kəs gözə görünmürdü. Son günlər o qədər ətiacı, qəddar olmuşdu ki, ən yaxın adamları belə onun gözünə görünməyə cəsarət etmirdi. Bayaqdan bəri oturub piyalədəki qara rəngə çalan şəraba baxırdı. Sanki tas qurmuşdu və o şərabın içində əcinnələr onun gözünə görünür, ona taleyini danışır, gələcəyinin bundan da pis olacağını deyirdilər. Şərab kuzəsini və piyaləni ona gətirən saqi də əvvəlki saqi deyildi. Gözləri çuxura düşmüş, ovurdları batmışdı. Gedəndə ayaqları ayaqlarına dolaşırdı. Saqinin o ümidsiz gözlərində hökmdarı qınayan bir baxış da sezmişdi: «Bizi bu günə saldığın bəs deyil, hələ şərab da içirsən? Nə gününə içirsən, bilmirəm!»

Onun yadına Gilanda, Hüsaməddinin sarayında eşitdiyi bir lətifə düşdü. Həm də gülüş yox, dərd gətirən bir lətifə.

«Bir gün Teymurləng Səmərqəndə gəzməyə çıxıbmış. Meydandan keçəndə görür ki, adamların hamısı alnını yerə söykəyib. Yalnız bir nəfər – cırıq yorğana bürünmüş arıq, üz-gözü şişmiş adam ona baş əymir. Teymuru təəccüb bürüyür və soruşur:

– Ey, sən kimsən? Mənə niyə baş əymirsən?!

Həmin adam qürurla cavab verir:

– Mən Baba Keyfiyəm.

Teymurləng onu tanıyır.

– Sənin atan məşhur və zəngin bir adam idi. Bəs niyə özün bu kökdəsən?

Mən atamdan da varlıyam. Bunu bilmək istəyirsənsə, Səmərqəndin qiymətini de. Alıram.

Teymur onun sərxoş olduğunu görür və Səmərqəndin qiymətini deməyə qorxur. Bilir ki, Baba Keyfinin atasının xatirinə səmərqəndlilər o dediyi qiyməti yığıb verərlər.

– Yaxşı, mən sənə Səmərqəndin hamısını yox, yarısını satıram. Amma nahardan sonra gəl yanıma.

Nahardan sonra Baba Keyfini tapıb Teymurləngin yanına gətirəndə o ayılıbmış. Dediyi sözləri ona təkrar edəndə and içir ki, onun xəbəri olmayıb. Yoxsa Teymurləng qarşısında bunları deməyə onun cəsarəti çatmazdı. Onu beləcə varlı, dikbaş, qüdrətli eləyən də şərabdır.

Deyilənə görə Teymurləng o vaxta qədər şərab içməyibmiş. Baba Keyfinin sözündən sonra şərabın dadına baxmaq həvəsinə düşür. Ona ən yaxşı şərab hesab edilən «Meynab» gətirirlər. İçir, keyfi durulur.

Səhərisi gün Teymur yuxudan qalxanda görür ki, başı bərk ağrıyır. Həkimlər gəlir, dava-dərman verirlər, heç bir təsiri olmur. Axırda başa düşür ki, bu ağrı şərabdandır. Baba Keyfini yanına çağırtdırır. Deyir: «Bunun sirrini o bilər». Baba Keyfi gəlir. Məsələdən hali olandan sonra deyir:

– Hökmdar, başağrısının dərmanı şərabdır. Ondan bir-iki piyalə içsən, keçib gedəcək.

Teymur içir. Başağrısı kəsir.

– Baba Keyfi, bu nə vaxta qədər belə olmalıdır?

– Hökmdar, mənim kimi bir cırıq yorğana möhtac qalana qədər…

Babam və atam o qədər pislik elədilər ki, indi öz sarayımda bir piyalə şəraba möhtac qalmışam. Üç aydır ki, öz sarayımızdan çıxmış, öz qanımızdan əmələ gəlmiş nanəcib məni – əmisini mühasirədə saxlayıb. Gülüstan sarayının zirzəmilərində siçovullar, şah taxtının yanında dolaşan, onun qırmızı məstinə üzünü sürtüb xalça üstündə uzanıb arxayın-arxayın xoruldayan pişik də qalmamışdı.

Birdən qapı açıldı, bir nəfər ağsaqqal adam içəri girən kimi əllərini arxasına qoyub kürəyini divara söykədi. Amma sir-sifəti tamam aydın deyildi. Hökmdar nə qədər gözlərini bərəltdisə, onu tanıya bilmədi.

– Niyə baş əymirsən?

Qoca irişdi və qabaqdan qoyun asılan qənarənin iti, parlaq ucuna oxşayan dişləri ağardı.

O, üşəndi, bir dəri, bir sümük qalmış bədənindəki tüklər biz-biz dayandı.

– Olmaya sən əzrayılsan?

Qoca yenə irişdi.

– Sənin işin-gücün yoxdu, ay əzrayıl? Bu dünyada canı alınmalı o qədər adam var ki. Amma sən elə dadanmısan Gülüstan qalasına. Gülüstanı qəbiristana döndərdin. Şirvanşahlarla vaxtilə dost idin, amma indi heç kimə yazığı gəlmir?

«Əzrayıl» dinmir, bir dişləri, bir gözləri, bir də dırnaqları işıldayırdı. Amma o gah iki görünürdü, gah üç… Birdən o əlini qapıya tərəf uzatdı. Oradan bir şiş kabab verdilər. Basdırma edilmiş sumaxlı, istiotlu kabab. Kababın iyi hökmdarı məst elədi. «Əzrayıl» ləzzətlə kababı dişinə çəkirdi.

– Mənə də o kababdan ver. Verməsən canımı ala bilməyəcəksən.

«Əzrayıl» kababı yeyib əllərini üstünə çəkdi. Şişi yerə tulladı. İkinci şişi aldı. Onu da ləzzətlə yemək istəyəndə hökmdar piyaləni qaldırdı.

– Əzrayıl, kabab şərabla yaxşıdır.

«Əzrayıl» şişi götürüb dişlərini ona ağartdı. Şeyxşah dözə bilmədi, piyaləni ona tulladı. Çiliklənən piyalənin cingiltisini eşitdi. «Əzrayılın» yerində divarda şərabın tünd yeri göründü.

Sultan Murad qaladakıların vəziyyətindən xəbərdar idi. Hər gün Gülüstan qalasından meyitləri aşağı atırdılar. Ona görə də Şamaxının, Xınıslının sahibsiz itləri qalanın dibindən əl çəkmirdilər. Meyitlərin üstündə boğuşub bir-birini al qana qərq edirdilər. Bundan sonra qalanı mühasirədə saxlayanlardan bir dəstə bu itləri oxla vururdular ki, quduzluq yayılmasın. Sultan Mahmudun carçısı isə Gülüstan qalası ilə qoşa ucalan Pirdirəyinə qalxıb qışqırırdı.

– Gülüstanda siçan, pişik yeyib aşağıda itlərə qismət olan bədbəxtlər, təslim olun. Təslim olan kimi sizə doyunca yağlı piti, bozbaş, plov, isti təndir çörəyi, motal pendiri, üzüm, qarpız, nar – ürəyiniz istəyən nemətləri verəcəyik. Hiylələrə aldanmayın. Özünüzə yazığınız gəlsin. Hər kim hökmdarın başını kəsib gətirsə, ona böyük ənamlar, sarayda yüksək rütbə və bir neçə kənd veriləcək..

Gülüstan sarayından səs-səda çıxmırdı. Əvvəl çarçının səsini eşidən kimi ona tərəf ox atırdılar. həmin oxlar carçıdan da uzağa düşürdü. Vaxt keçdikcə oxlar Pirdirəyinin çıxıntısına toxunurdu. Sonra heç Pirdirəyinə çatmadı. İndi isə yayı dartmağa gücü çatan adam qalmamışdı.

Bu gün Sultan Mahmud əmr vermişdi ki, Gülüstan qalasının hər tərəfində tonqallar qalansın, bu tonqallarda payalara qoyun, dana, inək cəmdəkləri keçirilib kabab çəkilsin. Kabab iyi bu dəqiqə Gülüstana hücum edəcək qoşundan çox iş görə bilər.

Sultan Mahmud atın üstündə qorçubaşçısı Qara bəylə tonqallara baxırdılar. Sultan Mahmud görürdü ki, Qara bəyin kefi heç açılmır, qaşqabaqlıdır. Ona nə tapşırıq verirsə, dinməz-söyləməz, nöqsansız yerinə yetirir. Bu gün isə yaman qaraqabaq görünür.

– Qara bəy, – Sultan Mahmud atının cilovunu çəkdi. – Mənə niyə deməmisən ki, sən şirvanlısan?

– Düzdür, deməmişəm. Axı mən şirvanlı deyiləm. Mən məmlükəm. Haradan olduğumu bilmirəm. Uşaq vaxtı Misirə aparıblar, orada böyümüşəm, Misir məmlük ordusunda vuruşmuşam. İndiki Sultan Qansunun yanında. Sonra tale belə gətirdi ki…

– Sonrasını bilirəm. Bəlkə elə səni Şirvannan aparıblar o vaxt?

Bəlkə də. Nəyə görə deyirsiniz, hökmdar?

– Mənə belə gəlir ki, Gülüstan qalasındakılara yazığın gəlir. Düzünü de, belədi ya belə deyil?

Qara bəy boynuna alsa, Sultan Mahmud onu xəyanətdə təqsirləndirib edam eləyə bilərdi. Düzdür, bunun üçün Şah İsmayıla cavab verməli olacaqdı. Çünki Şah İsmayıl taxta çıxanda Sultan Qansu onun çulusunu təbrik etmək üçün elçilər göndərmişdi. Gətirilən hədiyyələr içərisində hökmdara layiq yeddi dənə də at vardı. Sultan Qansu Qara bəyi çox yaxşı tanıyırdı. Onun igidliyini, mərdliyini çox yüksək qiymətləndirirdi. Özünün də Azərbaycandan gətirildiyini bilirdi. Ona da azadlıq verib vətənə göndərmişdi. Bunun özü də Şah İsmayıla hörmət əlaməti kimi edilmişdi.

– Niyə cavab vermirsən, Qara bəy?

– Mən döyüşçüyəm, həmişə də düşmənlə açıq-açığına , mərdi-mərdanə vuruşmuşam. Qarşımdakının əlində qılınc olanda ona yazığım gəlməyib.

– Bəs heç qalaları mühasirəyə almamısınız?

– Mühasirəyə almışıq. Amma-biz bu işlə məşğul olmurduq. Qadanın mühasirəsini da oturub gözləyənlər özgələriydi.

– Gülüstan qalasının mühasirəsi ürəyindən deyil?

– Hökmdar sağ olsun, mən kiməm ki! Hökmdar sizsiniz. Mənim borcum sizin sağlığınızı qorumaqdır.

– Bəs niyə qaşqabağın açılmır?

– Nə bilim.

Qara bəy gecə yuxu görmüşdü. Uşaqlığını, kəndlərini, kəndlərinin üstündəki Qoşadağı görmüşdü və səhər ona hər şey aydın olmuşdu. Uşaqlıq xatirələri canlanmış, gün kimi aydınlaşmışdı. O, dağlar həmin dağlardı. Arasından çay axan, üstündə qala olan dağlar. Onu buradan aparmışdılar. Amma nə kəndlərinin adını bilirdi, nə mahallarının, nə ata-anasının. Anasının küllü uzun paltarının yaxasından çıxan ağ, yumru, yumşaq döşü, üzünə tökülən qara saçları yadında qalmışdı. Demək, o öz vətəninə gəlib, bu vətəndə bu cür vəhşiliklər eləyir. Düzdür, onu buradan vəhşiliklə aparıblar. Amma o buraya vəhşilikləmi qayıtmalı idi? Yox! Vətəndə düşmənlər, yadlar, yağılar vəhşilik eliyə bilər, o torpağın oğlu yox. Bəs Sultan Mahmud necə? Sultan Mahmud elə bil ki, bu torpağa, bu vətənə yaddır. Öz atasına, əmisinə, dayısına xain çıxan, yalnız taxt-tacı özünə qohum hesab edən adamnan nə gözləmək olar? Bütün bunlar onun qanını elə qaraltmışdı ki, ömründə hələ belə bir vəziyyətdə olduğu yadında deyildi.

– Demək, ürəyini öz hökmdarına açmaq fikrində deyilsən?

– Mənim, Misirdən gəlmiş bir məmlükün ürəyində nə fikir ola bilər ki, onu hökmdarına açmasın? Mən Sultan Qansunun hörmətini qazanmışamsa, hökmdar məndən heç bir məsələdə şübhələnməməlidir.

Sultan Mahmud xeyli fikrə getdi. Gördü ki, onun şübhələri o qədər də yerinə düşmür və fikrini dəyişmək qərarına gələndə, bir nəfər atlı yaxınlaşıb dedi:

– Hökmdar, Zoğalovay çayı kənarında bir hindlini öz adəti üzrə dəfn etmək fikrindədirlər. Sizdən icazə alıbmı?

Hökmdar fikirləşmədən dedi:

– Gedirik Zoğalovay çayı sahilinə. Orada nəsə var.

Onlar atlarını döndərib əkinlərin, bağların arası ilə çapıb getdilər. Yaxınlaşanda gördülər ki, odunları üst-üstə qalayırlar və bu qalaq xeyli yuxarı qalxıb. Çayın sahilində çılpaq bir meyit, saqqalı uzun, ayaqyalın, ağ ləbbadəli bir kahin, onun ətrafında qaçışan üç-dörd adam və deyəsən çoxlu şərab içmiş, səksən-səksən beş yaşlarında bir qarı var. Adamlar isə çayın o biri sahilində yığılıb bu tamaşaya baxmaq istəyir.

Sultan Mahmud uzun əbalı və ayaqyalın kişidən soruşdu:

– Bu nə həngamədir?

O, özü başa sala bilmədiyinə görə, tərcüməçisi dilləndi. Kişi ilə danışandan sonra dedi:

– Bu ağa Hindistanın Moltan şəhərindən olan tacirdi. Onun qardaşı vəfat eləyib və qardaşını dəfn eləmək istəyir.

– De görüm o kimdən icazə alıb?

Tərcüməçi soruşdu, tacir laqeyd bir vəziyyətlə deyəsən qeyri-müəyyən bir cavab verdi. Tərcüməçi dedi:

– Heç kimnən. Hökmdar mühasirədədir, ona görə heç kimə müraciət eləməyib.

– Hə. Onda de görüm o nə alıb-satır?

– Mənim ağam çox varlı tacirdi. O, Hindistandan gətirdiyi qiymətli daş-qaşları satır. Qardaşı da onun kimi. Amma qardaşı cavan olsa da, xəstələnib rəhmətə getdi. Onların adətinə görə meyit xüsusi yağla yağlanıb yandırılmalıdır…

Sultan Mahmud bir an fikirləşib tərcüməçiyə dedi:

– Onlar hansı karvansaraya düşüblər?

– Ləzgi karvansarasına, bəy.

«Bəy» sözü Sultan Mahmudun xoşuna gəlməsə də, dinmədi. Çünki özünü büruzə vermək istəmirdi.

– Yaxşı! De, qoy öz dəfn mərasimini keçirsin.

Dəfn mərasimi başladı. Çayın kənarına qoyub üstünü örtdükləri meyiti gətirib qalaq-qalaq yığılmış odunların üstünə qoydular. Bu odun yığımının yanında yüyrüyə oxşayan, amma ondan böyük olan bir qurğu da düzəltmişdilər.

Sultan Mahmud onun nə olduğunu soruşduqda tərcüməçi dedi:

– Tacirin qardaşının arvadı yanında olmadığına görə, onunla bərabər bazardan aldığı bu kənizi yandıracaq.

– Necə yandıracaq? – deyə Qara bəy soruşdu.

– Pulunu verib də. – Atıb oda yandıracaq..

– Odundu ki, atıb oda yandırsın? Bu qul olsa da, insandı, axı? Necə yandıra bilər?"

Tərcüməçi təəccüblənib tacirin danışığını eşidəndən sonra dedi:

– Onun söylədiklərini eşitdiniz? Belə deyir ki, insan toya, yasa, ən adi işlərə də tək getmir. Bəs o birisi dünyaya necə tək getsin?!

– Onu əzrayıl aparır. Özü tək getmir. – Qara bəyin bu sözündən sonra tacir fikrə getdi.

Tərcüməçiyə nə dedisə o da Qara bəyə yan aldı. Qulağına pıçıldadı ki, onun qardaşını öz adəti ilə dəfn eləməyə mane olmasınlar. Nə lazımdırsa, tacir ona hazırdır.

Bu sözləri Qara bəy Sultan Mahmuda danışdı və at üstündə çox məğrur oturan Sultan Mahmud çox yekəxana bir tərzdə dedi:

– Bura müsəlman ölkəsidi. O, ölüsünü yandıra bilməz. Aparıb müsəlman kimi dəfn eləməlidir..

Qara bəyin yadına qaladan atılan və itlər bağırsaqlarını təpələrə çözələyən şirvanlıların meyitləri düşdü. Hökmdarlıq həvəsində olan bu alçaq bəs onların barəsində niyə fikirləşmir?

– Yaxşı, o daha nə dedi?

Qara bəy dilmancın dediklərini söylədi:

– Tacir deyir ki, onun qardaşının öz adəti ilə dəfn edilməsi üçün o hər şeydən keçə bilər.

– Məsələn, nədən?

Qara bəy məcbur qalıb soruşdu:

– Nədən keçə bilər?

– Min beş yüz dinardan, – tərcüməçi tacirlə danışandan sonra bu sözləri dedi.

– İki min, – deyə Sultan Mahmud dilləndi. – Başqa söz olmasın. Özü də bu, dəfndən qabaq olmalıdır.

Tərcüməçi tacirlə danışandan sonra dedi:

– Baş üstə. Elə indi verə bilər.

– Versin. – O, Qara bəyi göstərdi. – Ona.

Dilmanc soruşdu:

– Nə qədər?

– İki min dinar, – deyə Sultan Mahmud dilləndi.

Pulları dəri kisədə gətirib Qara bəyə vermək istəyəndə Qara bəy elə bildi ki, Sultan Mahmud dünyanın ən alçaq adamıdır. Qardaşını dəfn eləmək üçün insandan rüşvətmi alarlar?

O fikirləşdi ki, bu Sultan Mahmud baqqaldı, dəllaldı, çərçidi, nə bilim ən aşağı adamdı, o, hökmdar deyil, ola da bilməz.. O, taxta çıxsa, dünya dağılmalıdır, hər şey tərsinə çevrilməlidir.

Moltanlı tacir dəri kisədəki pulları kənarda saydı, təzədən dəri kisəyə tökdü, gətirib Qara bəyə verəndə o götürmədi, kənarda dayanan qorçulardan birini göstərdi.

Sultan Mahmud isə dedi:

– Niyə götürmədin?

– Mən götürsəm, yaxşı düşməz. Qoy qorçu götürsün, – deyə cavab verib atının üzünü tonqala tərəf çevirdi.

– O qorçu kisəni götürüb aradan çıxmaz ki? – Sultan Mahmudun bu sualı onu Qara bəyin gözündən tamam saldı və o hiss elədi ki, altındakı atın mənliyi Sultan Mahmudun mənliyindən qat-qat yüksəkdir. O, ata böyük məhəbbətlə baxmaq olar, hətta itə, pişiyə, qaladan atılan meyitlərə, amma Sultan Mahmuda yox. Onun qorçubaşçısı olsa da, birdən-birə qəddar düşməninə çevrildi.

Zoğalovay çayının sol sahilinə adamlar yığılırdı. Sultan Mahmud əmr verdi ki, qorçular onları yaxına buraxmasınlar.

Tacir bir sərnic yağı odunun üstünə tökdü. Qardaşının meyitinə də başqa bir yağ sürtdülər. Bundan sonra bazardan alınmış qoca qarını yüyrüyə uzadıb ona nəsə içirtdilər, qarı huşa getdi.

Tacir öz dilində dua oxudu, çaxmaq çəkib qovu alışdırdı, üfürüb közünü alova çevirəndən sonra onu odun qalağının üstünə atdı. Tonqal yanmağa başladı və ətrafa qəribə, xoşagəlməz bir iy yayıldı. Alov meyiti bürüyəndən sonra tacir yüyrüyü yırğaladı-yırğaladı və necə təkan vurdusa, qarı gedib alovun tən ortasına düşdü və tükürpədici, dəhşətli, insan kədər və dəhşətindən də xaric bir qışqırtı qopdu. Ona verilən bihuşdar heç bir təsir göstərməmişdi. Amma qarı oradan çıxa bilməzdi. Onu alov bürümüşdü.

Qara bəy az qalırdı ki, Sultan Mahmudu da, taciri də, dilmancı da doğram-doğram eləsin. Amma hansı bir hiss isə onu saxladı. Bu vaxt Sultan Mahmudun göndərdiyi iki qorçu tacirin özünü də götürüb başı üstə alovun içinə atdı. Onun qışqırığı kənardan baxanların dəhşətli nidalarına qovuşdu. Tacir də yanandan sonra Sultan Mahmud, Qara bəyə işarə verdi, onlar Şamaxının ləzgi karvansarasına tərəf atlarını çapdılar. Sultan Mahmud tacirin var-dövlətini ələ keçirmək istəyirdi.

Qara bəy də məcburiyyət qarşısında qalıb atını onun dalınca sürdü. Dar küçələrdən keçib ləzgi karvansarasına gəldilər. Burada xəz və bal satan rus tacirləri, bazara naringi çıxaran gürcü, ədviyyat, qiymətli daş-qaş gətirən hind tacirləri, Dağıstandan xəncər, gümüş əşyalar, mis qablar gətirən ləzgilər, avarlar yaşayırdı.

Sultan Mahmud kənarda dayandı, qorçularını hind tacirinin yüklərini qarət etməyə göndərdi. Karvansara sahibi qırmızısaqqal hacı çıxıb baş əydi, nə olduğunu öyrənmək istədi.

– Hökmdar, ayağının altında ölüm, hind taciri qardaşını dəfn eləməyə gedib. Onsuz onun otağını açsam mənim karvansarayıma heç kim düşməz. Qoy özü gəlsin.

– Necə, haramzada, qurumsaq! Hökmdara cavab qaytarırsan? Sənin o moltanın ölkənin qayda-qanununu pozduğuna görə cəzasına çatıb. Sən də hökmdara söz qaytardığına görə bütün qonaqlarının malları müsadirə ediləcək.

– Mənim qonaqlarımın axı bir günahı yoxdur.

– Qonaqlarının yoxdur, öz günahın var. Onların malları əllərindən çıxsa, bir daha sənin karvansarayına gəlməzlər. Müsadirə eləyin. Qoşun orada korluq çəkəcək, bunlar burada kefə baxacaqlar?!

Hacı da özünə görə deyildi.

– Böyük hökmdar, canım sənə fəda olsun, bu gün sənin müzəffər qoşunların yalnız kabab yeyir. Mən özüm elə buna görə əlli erkək vermişəm. Qonaqlarım yığılıb beş cöngə alıb. Moltanı qonağımız çox yaxşı adamdır. O, ət yemir, amma min adamın plovunun xərcini verib.

– Bu qırmızısaqqal qurumsaq yalan danışır. Ona inanmayın və müsadirə eləyin.

– Hökmdar, axı sonra Şamaxı bazarına heç kim ayaq basmayacaq. Ticarət korlanandan sonra Şirvanın işləri fəna ola bilər.

– Bayquş! – deyə Sultan Mahmud onun sinəsinə bir təpik vurdu. – Tez olun. Qara bəy, niyə tərpənmirsən?

– Hökmdar, mən sizi qoruyuram.

– Deyirsən mənə öz ölkəmdə sui-qəsd də eləyə bilərlər?

– Onu demirəm. Amma mənim vəzifəm budur.

Qara bəy Sultan Mahmudun bu acgözlüyünü, gədalığını görüb təəccüb eləyirdi. Təəccüb eləyirdi ki, belə bir adam sabah o sarayı alıb taxta çıxsa, gör bu rəiyyətin vəziyyəti necə olacaq. Yaxşı, bəs, Şah İsmayıl niyə beləsinə bel bağlayıb? Axı Şah İsmayılın hörmətini aşağı salmaqdan başqa onun əlindən heç nə gəlməz. Tacirlər hamısı bazarda idi və onların mallarının aparılması karvansara sahibini pis vəziyyətdə qoyurdu, ona görə də o, yaxasını cırıb qarğış-nifrin tökürdü.

Həmin gecə Qara bəy Gülüstan qalasının ətrafında atla hərləndi. Tonqalların yandırılmasına nəzarət elədi. Ona dedilər ki, bu gün qaladan daha çox meyit tullayıblar. Onlar hamısı kabab iyinin qurbanlarıdır. Bəli, kabab iyi də insanı öldürərmiş.

O, heç kimlə bir kəlmə də kəsmədən atını sürüb geriyə – hökmdarın çadırına qayıtdı. Hökmdar süfrə başında əyləşib turac-qırqovul çığırtmasını ləzzətlə yeyir, qızıl kuzədən Mədrəsə şərabı içirdi. O, süfrədə həmişə tək oturar, heç kimi süfrə başına buraxmazdı. Şərabı da tək içər, heç bir sağlıq-filan söyləməz və dinləmək istəməzdi. Qara boy çadırın qabağında qorçuların sakit, müti kölgələrinə baxdı və ona elə gəldi ki, ikisi də acdır. Yadına düşdü ki, səhərdən bəri onları heç kim əvəz etməyib. Əli ilə işarə verib çağırdı, yeməyə göndərdi. Özü isə çadırın qabağındakı daşın üstündə oturdu. Buradan Gülüstan qalası çox aydın görünürdü. Orada işıq da yoxdu. Budur, Sultan Mahmud bu gün nə qədər vicdansız, ədalətsiz işlər törədib. Amma allah onun süfrəsini beləcə zəngin eləyib. O biri isə öz yurdunu, torpağını qorumaq üçün özünü oda atıb, orada acından köpük qusur.

O, Gülüstanın və Pirdirəyinin kölgələrinə baxdı. Bəli, elə bunlardı. Bu dağlar onun uşaqlıq xatirələrində qalıb. Bəlkə də onun burada qohumları var. Lap atası, anası durur. Qara bəy isə onların nə adını bilir, nə sifətlərini görüb. Tutaq ki, onları tapdı. Nə deyəcək onlara? Deyəcək ki, bu vicdansız, qansız adama qulluq eləyir? Onu taxta çıxarmaq fikrindədir? Taxta çıxarır ki, atasını da, anasını da zülmə düçar eləsin, ahları-nalələri ərşə çıxsın? Mən buna görəmi gəlmişəm? Vətənə pislik eləmək üçünmü qayıdarlar? Valideynlərin zülmünü artırmaq üçünmü gələrlər? Bütün günü o qaraqabaq gəzmişdi. Gördükləri onu tamam dəyişmişdi. «Ya indi, ya da heç vaxt. Bir azdan onun yadına qadınlar düşəcək və onların yanından səhərə qədər çıxmaq bilməyəcək. Onsuz da sakitlikdir. Qoşun başçıları belə onun görüşünə gəlmək istəmirlər. Özü də heç kəsi çağırmayıb. Qoy süfrəsini aparsınlar, sonra».

Xidmətçi bir azdan süfrəni yığışdırıb getdi. O, yaşlı bir kişi idi və özünün də şəraba bərk meyli vardı. Yeyəndən sonra möhkəm içib yatacaqdı.

Qara bəy içəri girdi. Onun fikri tam aydın idi. Heç bir şey onu fikrindən döndərə bilməzdi. Sultan Mahmud mütəkkəyə söykənib dişlərinin dibini çöplə təmizləyirdi.

– Hə, gördün də, sənin hökmdarın bu gün nə işlər gördü. Moltanlı qurumsaq qardaşınnan da yaxşı yandı, ha, ha, ha!..

Qara bəy dinmədi.

– Niyə dinmirsən? Sənin bugünkü hərəkətlərin mənim xoşuma gəlmir. Səndə qara fikirlər görürəm. Olmaya…

– Mənim heç bir qara fikrim yoxdur.

– Qara fikrin olmasa, mənim gördüyüm işləri ürəkdən bəyənərsən. Səndə narazılıq görürəm. Bəlkə səni Şah İsmayıl mənim başımı yemək üçün göndərib?

– Mən Şah İsmayılı harda görmüşəm ki?.. Həm də bu dünyada hər adamın öz başı, öz fikri var.

– Öz fikri olan başı hökmdarın yanında saxlamaq çətin işdir. Əgər Şah İsmayıla arxayınsansa, arxayın olma. Elə bilmə ki, Şirvanşahlar ona nökər olacaq. Yox, bu gün mənə lazım idi, kömək istədim, sabah isə lazım olmayacaq.

Onun bu fikrini açıq söyləməsi o demək idi ki, qorçubaşı Qara bəyin işi bitib və bu gecə onun üçün axırıncı gecə olacaq. Heç bu çadırdan da kənara çıxmayacaq. Yəqin ki, qarşıda dayanmış şirvanlı qorçulara arxayındı. Xəbəri yoxdur ki, Qara bəy ondan tez tərpənib. Qara bəy Ərəbistan səhrasında yanıb tunca dönüb, əzələləri dəmir kimi möhkəm, ürəyi qorxu hissindən uzaq bir döyüşçüdür. Özündən sonra qalacaq arvadı, uşaqları, üstündə ağlayacaq qohum-əqrəbası da yoxdur. Nədən qorxmalı, nədən çəkinməlidir? Gecikmək olmazdı. Adamlar gəlsə, hər şey bitə bilər.

Sultan Mahmud ona yaxınlaşdı: onun ağzından sarımsaq və çəllək şərabının iyi gəlirdi. Belində qılıncı, xəncəri də yoxdu. Onları divardan asmışdı. Onunla təkbətək döyüşə çıxmaq da mənasız idi. Onsuz da o çoxlarının qanına, günahına batıb. Qara bəy onu öldürsə, onların da intiqamını almış olar.

Birdən-birə Qara bəy qılıncını çəkdi. Dəməşq tiyəsi havada parıldadı və Sultan Mahmudun bədəni yerə gəlməmiş, başı xalçanın üstünə düşdü. O, tez-tələsik bu qanlı başı şamdanın altından götürdüyü zərxara örtüyə büküb çıxdı. Atı yaxınlıqda bağlanmışdı. Başı atın tərkindəki xurcuna qoydu. Bu vaxt səs eşitdi. Bunlar yeməkdən qayıdan qorçular idi. Qara bəy özünü itirmədi. Onlara tapşırığını verdi ki, şübhələnməsinlər.

– Hökmdar yatıb. Çadıra mənim icazəm olmadan heç kimi buraxmayın. Mən onun çox vacib tapşırığını yerinə yetirməyə gedirəm! Oldu?

– Baş üstə! – deyib onlar hərəsi çadırın örtülü qapısının bir tərəfində dayandı.

Qara bəy ata mindi, üzünü Gülüstan qalasına döndərib çapıb getdi. Sultan Mahmudun qoşununda hamı onu yaxşı tanıyır, bütün əmrlərinə sözsüz əməl edirdi. Ona görə də Gülüstan qalasına gedən yolda onu heç saxlamadılar da. Fikirləşdilər ki, yəqin qalanın təslim olması üçün təklifə gedir. Qoşun başçılarından biri ona zarafatla dedi:

– Ürəkli adamsan, bəy, başını itirməkdən qorxmursan?

– Yox, əzizim. Mən elə baş aparmıram ki, onu itirəm.

Onun bu sözünə əhəmiyyət vermədilər. Gülüstan qalasının qapısına çatıb qışqırdı.

– Açın qapını, hökmdar üçün çox lazımlı bir xəbər aparıram.

Keşikçilərin pıçıltısı eşidildi:

– Gələsən bunun…

– Lazım deyil, – deyə Qara bəy dilləndi. Sizə lazım olaram. Tez xəbər verin. Gecikməyin, yoxsa gec olar.

Saraya xəbər aparıb gətirənə qədər o gözləməli oldu. Sonra dəmir darvazanın kiçik qapısı açıldı. Məşəli başı üstünə qaldırdığından kölgəyə oxşayan keşikçi onu içəri buraxdı və çox qəribə bir baxışla ata baxdı.

– Qoy at qalsın…

– Qalsın. Ancaq xurcunu aparacağam.

– Xurcunda yeməyə nə var?

– Heç nə. Deyəsən pendir-çörək olmalıdı.

– Ver bura.

Qara bəy pendir-çörəyi onlara verdi.

– Bəs o nədi?

– O, yaxşı şeydi, hökmdara aparıram.

Hökmdar adı eşidən kimi susdular və onu saraya apardılar. Hökmdarın oturduğu salonun qarşısında onu xeyli gözlətdilər. Qara bəy adamlara baxırdı, ətrafa baxırdı. Fikirləşirdi ki, aclıqdan böyük kəsalət yoxdur. Sarayda şamlar da yanıb qurtarıb. Adamlar güclə yeriyir. Pərdələr çoxdandı yuyulmayıb, xalçaların üstü süpürülməyib. Belə bir vəziyyətdə hökmdar bilsəydi ki, qapıda gözlətdiyi adam onun xilaskarıdır, buradakıların hamısının xilaskarıdır, onun əlinə-ayağına düşərdilər.

Bir azdan iri qılıncını güclə sürüyən bir adam gəlib ona baxdı (deyəsən, boğazına, boynuna daha çox baxırdı, keçib-getdi. Qara bəy başa düşdü ki, bu, sarayın cəlladıdır və çağırıblar Sultan Mahmudun elçisini edam eləsin. Sonra da qaladan tullasınlar aşağı. Ürəyində onların bu fikrinə güldü. Bir az sonra iki silahlı adam çıxıb onu hökmdarın hüzuruna apardı.

Burada hər tərəfdə şamlar yansa da, onların çoxu yarımçıq idi. Şirvanşahların qədim, qoltuqları şir başlı qızıl taxtında oturan arıq, qaraşın hökmdar zəif və çox xəstəhal görünürdü. «O da aclıq çəkir!» – deyə Qara bəy fikirləşdi.

– Hə, sənin o vicdansız ağan nə təklif eləyir? Deyir ki, təslim olum? Taxt-tacı ona verim?

– Yox! Mən tamam başqa bir işdən ötəri gəlmişəm.

– Nədən ötəri gəlmisənsə, bilmirik. Amma meyitin bizim əziz adamlarımızın meyitlərindən artıq deyil, bir azdan itləriniz yeyəcək.

– Fərman sizindir, hökmdar, amma əvvəlcə məni dinləyin, sözümü deyim.

– De görək!

Qara bəy xurcundan Sultan Mahmudun başını çıxarıb hökmdarın ayaqları altına atdı.

– Bu xidmətimə görə boynumu vurdurmaq istəyirsinizsə, vurdurun. Onsuz da mən bu intiqamı almalıydım.

Hökmdar dik qalxdı. Cəllad qılıncını qınına soxdu.

Vəzirin üzü güldü. Kimsə lənət oxudu, kimsə «ilahi, şükür!» dedi.

Bu vaxt Gülüstan qalasının darvazasında Qara bəyin atını qılıncla, balta ilə parçalayırdılar. Qalaya səs-küy düşmüşdü. Hamı yüyürüb gəlirdi.

5

Yol kənarında qoca bir çinar ağacı vardı. Kötüyünə örkən dolanmazdı. Bir nəhəng budağı qurumuşdu və həmin budaqda bir hacıleylək yuvası vardı. Amma qəribə burası idi ki, oraya bir yox, on-on beş hacıleylək qonmuşdu və bir hacıleylək onların qabağında uçur, sanki yalvarır, üzr istəyirdi. Ona əhəmiyyət vermirdilər. Hacıleylək uçub yerə qonur, yenə də dayanmır, uçub onların yanına gəlirdi. Başqa budaqlara qonmuş bu hacıleyləklər dimdiklərini şaqqıldadıb, elə bil nəsə doğrayırdılar, kiməsə söyür, kimisə töhmətləyirdilər.

At belində dayanıb bu mənzərəyə baxan Qaçaq Murad məəttəl qalmışdı. Ömründə hələ belə şey görməmişdi. Çinarın altında palçıq suvaqlı, əyri-üyrü bir dam vardı. Burada yemək, gecələmək olardı. Quşların hərəkətindən heç nə başa düşməyən Murad atın cilovunu çinar ağacının yanına çalınmış tovlamıxın halqasına bağladı. Özü içəri girdi. Başında araqçın olan qırx beş-əlli yaşlarında balacaboy, çevik gözlü kişidən soruşdu:

– Bu hacıleyləklər niyə belə eləyirlər?

– Hə. Olan işdi.

– Nə olan işdi? Mən belə şey görməmişəm.

– Belə şeyi burda görərsən, ayrı yerdə yox. Əşi, o boyda quş ikicə yumurtanın üstündə kürt yatır. Fikirləşdim ki, niyə havayı yerə qarnının tükünü töksün? Uşağa dedim apar o yumurtaların yerinə toyuq yumurtası qoy, beş cücəmiz də çox olsun.

Murad onun üzünə yox, dönüb yerə tüpürdü, elə onun üzünə tüpürmək kimi bir şey idi. Dayana bilməyib çıxdı, quşlara baxmağa başladı. Ana hacıleyləyin tükünü didirdilər. O isə qaçmırdı. O qədər dimdiklədilər ki, axırda meyiti budaqların arasından keçib ağacdan asılıb qaldı. Hacıleyləklər yuvadakı cücələri də öldürüb aşağı tulladılar və uçub getdilər. O, geri dönəndə bir tanış sifət gördü. Harda görüb? Kimdi, nəçidi? O adam da dayandı, baxdı, baxdı, ağız-gözü əyildi, dili batdı.

– Ədə, sənə nə oldu?

Kişinin ağzından köpük daşdanmağa başladı. Qaçaq Murad kişinin papağını götürüb başının altına qoydu.

– Kim var burda?

Dükanın sahibi gəldi.

– Nə olub?

– Ürəyi gedib bu kişinin. Üzünə bir az su vurun.

Su gətirib üzünə səpdilər. Dükan sahibi dedi:

– Bizim kəndlidi. Şah İsmayılın müridlərinnən idi.

İmam yolunda çox vuruşub, Şamaxıda yaralanmışdı. İndi tez-tez belə tutması olur.

Qaçaq Murad indi başa düşdü ki, onun ölümünü, dəfnini görüb, tanıyıb, ona görə ürəyi gedib. Əhəmiyyət vermədi. Keçib oturdu.

– Bir piti ver görüm.

– Verim də. Yaxşı, o hacıleyləyə görə az qalmışdın məni öldürəsən ha. Görmürsən, insan milçək kimi qırılır. Hacıleylək nədi ki.

Süfrəyə lavaş, göy-göyərti, içərisində «Leyli-Məcnun» təsviri olan kasa, bir dolu da piti gətirdilər.

Murad bərk acmışdı. Çörəyi kasaya doğradı, pitinin suyu ilə isladıb, kamali-ədəblə yeməyə başladı. O, yeməyini qurtarmamış, çöldə hay-küy eşitdi. Qalxıb başını əyib qapıdan çıxanda gördü ki, ağ əmmaməli, əbalı molla, həmin ağzı köpüklənən adam yanında əli belli, oraqlı, baltalı xeyli adam yığılıb. Muradı görəndə geri çəkildilər. Kişinin ağzından yenə köpük axdı. Murad özünü itirmədi.

– Nə olub, ay camaat?

– Sənin adın Muraddı?

– Yox. Mənim adım Səməndər bəydi, özüm də Xan Məhəmməd Ustaclının atlısıyam.

Molla inamsız-inamsız dedi:

– Sən xortdamamısan?

– Sənin əzizin xortdasın.

– Axı, bu… Ağzı köpüklənəni göstərdi. – Bu deyir ki, guya sən Şamaxıda ölmüsən, basdırıblar. İndi xortdayıb gəlmisən?

Murad güldü.

– Siz də gəlmisiniz məni öldürəsiniz, eləmi?

– Xortdayanın başını əzməsən çox ziyanlıq törədər, bəy.

Murad əlini yellədi.

– Get o qohumunu pirə apar. Deyəsən onun başına hava gəlib.

Onlar ağzı köpüklənən kişini itqusdu götürüb apardılar.

Cəbani döyüş meydanında belinə mindiyi yabı Qaçaq Muradı kəndə, sahibinin qapısına aparmışdı. Bir neçə gündən sonra gözünü açmışdı. Onun yarasına yağ qaynadıb tökmüş, kənddə ara həkimliyi eləyən qarı isə neçə məlhəm qoymuşdu. Qarının dul qalmış qızı da vardı. Murad onlara köçmüş, gəlinə kəbin kəsdirmiş, əkin-biçinə başlamışdı. İndi isə öz ellərinə baş çəkmək, dünyadan xəbər tutmaq üçün çıxmışdı. Onun da Arazın o tayından olduğunu bilirdilər. Ona görə də katda, kəndxuda göz verib-işıq vermirdi. İstəyirdi öz yerlərində yer. eləyib hamilə arvadını da, qayınanasını da götürüb aparsın.

Murad gecəni çinarın altındakı dükanda, dar, bitli-sirkəli yorğan-döşəkdə keçirməli olacaqdı. Dükan sahibi, deyirdi bundan artıq yeri yoxdu.

– Başa düş, mən Xan Məhəmməd Ustaclının atlısıyam! –deyə Murad səsini ucaltdı.

Bundan sonra dükan sahibinin üzü güldü, mehribanlaşdı. Onu öz evinə apardı. Gecəyarısı kişi təzə qonaq da gətirdi. Pəncərənin yanında yanan gil çırağın işığında yer saldı, bir nəfər ucaboy adam soyunub uzandı.

Qaçaq Murad səhər tezdən qalxdı, gecə gələn qonaq da oyanmışdı. Ona baxır, təəccüb eləyirdi. Birdən dilləndi.

– Murad!

Murad səsə döndü.

– Sən Murad deyilsən?

Murad onu tanıdı. Bu Dədə bəyin oğlu Mustafa idi.

– Deyim Muradam, necə deyim. Deyim Murad deyiləm, necə deyim?

Mustafa qalxıb geyindi. Əlləri əsirdi. Onun da canına üşütmə gəlmişdi.

– Yaxşı, məni bir hali elə görək bu nə yuxudu.

– Yuxu deyil. Adamı başının üstündəki saxlayan kişi öldürməsin. – Sonra Murad başına gələnləri ona danışdı. Cəbani döyüşündən qabaq Murad Əbih Sultanı gətirib təhvil verəndə ona Mustafa baxırdı. Xeyli də söhbət eləmişdilər. Birlikdə çıxıb yuyundular, çörək yeyib yola çıxdılar.

– Nə yaxşı, nə yaxşı. Sənin xəbərin var ki, ha, dədəm sənə ehsan verir?

– Nəyə görə?

– Axı səni tanımayıb, nizə ilə vurmuşdu. Heç yadından çıxmır. Ay heyfsilənir, ha.

– Mənim heç xəbərim olmadı. Yadımda da qalmayıb. İndi Dədə bəy necədi?

– Dədə bəy qorçubaşıdı.

– Hardan belə, hara belə?

– Ərdəbildən gəlib Təbrizə gedirəm. Səni də özümnən aparacağam. Xəbərin var? Şah İsmayılın toyudu. Toya tələsirəm.

– Allaha çox şükür, Mustafa bəy. Nə xoş xəbər oldu bu. Amma mən gərək elimizə gedəm.

– Yox, buraxmaram, başım üçün. Yoxsa dədəmin əlindən qurtara bilmərəm, həm də şahımızın, pirimizin, sultanımızın toyunda olmasan hara gedirsən?!

– Məni toya kim çağırıb, ay Mustafa bəy?

– Murad bəy, sənin çox böyük haqq-sayın var. Əbih Sultanı sən gətirib şahımıza vermədinmi? Gedəcəyik!

Murad görürdü ki, yenidən onun üçün gün doğur. İşıq ucu görünür. Getməlidir. Düzdür, çoxları onun xortladığını fikirləşəcək, amma qəbirdə dirilib çıxdığına görə ona bəxtəvərlik verənlər də olacaq. Kişinin haqqını Mustafa bəy çox səxavətlə ödədi, çinarın yanına gəldilər.

Mustafa bəyin atlıları burada onları gözləyirdilər…

* * *

Qara zurnanın səsi aləmi başına götürdü. Cənginin sədasını eşidəndə atlar oynağa getdi. Təbriz valisi, Təbriz qazısı, əyan-əşrəf şəhərin içərisindən keçib «Səkkizbehişt» sarayına gedirdilər. Ortada dörd nəfər qırmızı çalmalı mürid böyük bir xalçanı çiyinlərinə alıb aparırdı. Bu, görünməmiş bir mərasim idi.

İldə Təbrizdə yüzlərlə, minlərlə xalı, xalça, vərni, palaz, kilim toxunurdu. Amma bu xalçanın tayı-bərabəri nə olmuşdu, nə də olacaqdı. Şah İsmayılın toy gününə ərməğan üçün Təbrizin ən məşhur xalı ustaları toxumuşdular. Hana qurulanda da, xalça tamam olanda da Təbriz qazısı gəlib dua oxumuş, xeyir-dua vermişdi. Şah İsmayılın özü də tərifini eşidəndən sonra onu toxuyanlara ənam paylamışdı. İndi xalça hazır idi və onu saraya aparırdılar. Bütün küçələr bəzənmiş, hər qapıda xonçalar qoyulmuşdu. Təbriz hələ belə bayram görməmişdi. Bütün evlərdə böyükdən-kiçiyə hamı əlinə-ayağına xına qoymuşdu. Həmin günlər hər yerə xına satan İrana, Təbriz bazarlarına qonşu ölkələrdən onlarca dəvə karvanı xına gətirirdi. Zərgərlərin baş qaşımağa vaxtları yoxdu. Qız-gəlin bəzək-düzək almağa tökülmüşdü.

Xalçanın karxanadan çıxması ilə Şah İsmayılnan Taclıbəyimin toyu başlanmışdı. Küçələrdə çalanlar, oynayıb oxuyanlar bir-birinə qarışmışdı. Arxlar kənarında, ağaclar altında süfrələr açılmışdı.

Xalçanı gətirib «Səkkiz behişt» sarayının qabağına çıxartdılar. Buraya minlərlə adam yığılmışdı. Dəstə dayandı. Xalçanı açıb əvvəlcədən düzəldilən yerdən asdılar. Adamlar arasında heyrət nidaları eşidildi. Doğrudan da o görünməmiş bir sənət əsəriydi. Xalçanın yanına miz qoymuşdular. Xalça toxuyanlara xələti olanlar gətirib mizin üstünə yığacaqdılar. Bir azdan miz bu xələtlərin altında idi.

Təbriz qazısı uca bir yerə çıxıb üzünü camaata tutdu:

– Ey əhli-Təbriz! Mürşüdümüzün, şahımızın, pənahımızın toyu mübarək olsun!

– Mübarək olsun! – nidası Ərk qalasında əks-səda verdi. İzdiham təlatümə gəldi.

– Ey əhli-Təbriz, bu gün üçün toxunan xalçanın min rəngini görürsünüz. Təbriz ustalarının qızıl barmaqlarına söz ola bilməz. Amma indiyə qədər heç birimiz belə misilsiz xalça görməmişik. Tanrının kərəminin o qızıl barmaqlara necə bir ilahi qüvvə verdiyini özünüz gözlərinizlə görürsünüz. Belə xalçanı adsız qoymaq olmaz. Ona insan kimi ad vermək lazımdır. Hökmdarımızın razılığı ilə, əmirəlüməranın, vəzirin, əmirlərin məsləhəti ilə xalçaya «Şeyx Səfi»1 adını vermək istəyirik.

Yerlərdən alqış nidaları ucaldı. Xalçanın yanında ağ saçlı, utancaq təbəssümlü bir kişi və yeniyetmə bir oğlan dayanmışdı. Başıçalmalı, gözəlqamətli oğlan sevindiyindən ağlayırdı.

Hüseyn bəy Lələ Təbriz qazısının yerinə çıxıb üzünü camaata tutaraq yavaş səslə danışmağa başladı.

– Ey camaat, şahımızın, pirimizin, sultanımızın şərəfinə toxunan «Şeyx Səfi» xalçasının nəqşəsini çəkən, onu toxuyan sənətkarlar var. Burdakı ənamlar onlar üçün yığılır. Bu, camaatın ənamıdı. Şahımızın öz ənamı var. Bu naxışları çəkən cavan oğlandır. Adı Məhəmməddir. Adi bir təbrizli ailəsindəndir. Ona sultan ləqəbi verilir. Bu gündən olur Sultan Məhəmməd Təbrizi. Hökmdarımız ona qızıl yəhər-yüyənli bir at, Təbriz altında iki kənd bağışlayır.

Mehtərlər qızıl yəhər-yüyənli atı gətirdilər. Bu, qara bir köhlən idi, yəhər-yüyəni qara rəng üstündə qəribə bir işıqla parlayırdı.

Yeniyetmə Sultan Məhəmməd hönkürə-hönkürə ata mindi, sürüb dövrə vurdu. Onun göz yaşları qurumur, hönkürtüsü kəsmirdi. Bu sevinc yaşları cavan nəqqaşı adamların gözündə xeyli ucaltmışdı.

Hüseyn bəy Lələ dedi:

– Ey camaat, xalçanın ilmələr, ərişi, arğacı, hanası, rəngləri ilə məşğul olan Səfər Təbrizidir. Ona bəy ləqəbi verilir və bir kənd bağışlanır. Bundan başqa, hökmdarımız həmçinin ona bir gümüş yəhərli-yüyənli at bağışlayıb.

Ağsaçlı, yaşlı, utancaq kişi ata minib dövrə vurdu və sürüb Sultan Məhəmmədin dalınca getdi.

Tək Təbrizdə yox, ölkənin bütün şəhər və kəndlərində bayram idi. Camaatdan muştuluq vergisi yığılır, hamı həmin vergini həvəslə gətirirdi. Sarayda isə şahın əyan-əşrəfi toplanmışdı. Mərmər hovuzun ətrafındakı çəmənliklərə xalılar döşənmişdi. Musiqiçilər çalır, müğənnilər oxuyurdu. Qarabağ tərəfdən gələn xanəndə «Segah» muğamı başlamışdı. Bu muğam fars muğamlarından xeyli fərqlənirdi. O, əsl Azərbaycan muğamı idi. Əbdülqədir Marağinin yaratdığı bu muğam da «Şeyx Səfi» xalçasına oxşar bir əsər idi və hamının qəlbini oxşayırdı. Xanəndəni aşıqlar əvəz etdi. Cavan bir aşıq sazını götürüb şahın oturduğu məclis qarşısında var-gələ başladı:

 
Qurbani der, könlüm bundan sayrıdı,
Nə etmişəm, yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib, boynu əyridi?
Heç yerdə görmədim düz bənövşəni.
 

Bu misralar Şah İsmayılın çox xoşuna gəldi və aşığı yanına çağırtdırıb kürsüdə oturtdu.

– Aşıq, gözəl qoşmadır. Ürəkdən yazmısan. De görüm hansı eldənsən?

– Arazqıraqlıyam. Xudafərin körpüsü tərəfdən. – Bu sözləri deyəndə ayağa qalxıb, sazı da qoltuğunda baş əydi.

– Bəs nə yaxşı bu tərəflərə üz tutmusan? Nə vaxt gəlmisən?

– İki gündür, şahim. Belə bir toy-büsatın sorağını eşidən aşıq dayanıb-dura bilərdimi?

Şah İsmayıl ona sınayıcı bir nəzər salıb dedi:

– Bizim ömrümüz təkcə toydan-düyündən ibarət deyil.

– Bilirəm. Vətən üçün mənim sazım da, canım da qurbandır! Ləqəbimi də elə buna görə götürmüşəm – Qurbani.

Bu cavan, iyirmi bir-iyirmi iki yaşlı, ucaboy, iri, Məcnungözlü aşığın sözləri Şah İsmayılın ürəyinə sərin bulaq suyu kimi yayıldı.

–Hüseyn bəy, aşıq Qurbaniyə ev, məvacib, at. Özünü də, sarayda aşıqlar aşığı təyin edirəm.

– Baş üstə!

Qurbani yenə qalxıb baş əydi, minnətdarlığını bildirdi.

– Qurbani, sən haqq aşığısan. Xudam səni xəlq eləyib. Ürəyinin istəyinə qulaq as. Bu gündən aşıqlar aşığısan. İndi çıx meydana, hünərini göstər.

Qurbani quş kimi özünü meydana yetirib sazı sinəsinə basdı. «Dübeyti» üstündə çalmağa başladı. Bütün məclis lal kəsilib, saza, simlərdən qopan naləyə, dərdə, ələmə qovuşan aşığa diqqət kəsildi. Bu elə bir çalğı, elə bir yanğı idi ki, şahdan tutmuş nökərlərə qədər hamını ovsunlamışdı. Hərənin öz dərdi, öz müqəddəs kədəri yadına düşmüşdü.

 
Şahım, sənə ərz eləyim ürəkdən,
Yarım məni biyabana salıbdı…
 

Şah İsmayılın gözləri qarşısında qarapaltarlı anasının gözəl, kədərli sifəti canlandı, qalanın daş divarları, kədər dumanı arxasından boylanan Sultanəlinin sifəti dayandı. Qəhər onun boğazında düyünləndi. Dindirən olsa, hönkür-hönkür ağlayardı. Hüseyn bəy onu heç vaxt belə görməmişdi. Toy günü o kövrəlmişdi. Əmirlərin bir neçəsi onun gözünün nəmləndiyini görürdü. Əslində Qurbaninin Savalan dağının zirvəsi kimi zil zənguləsi, bu zəngulədəki haray, insan kədəri heç kimə yad deyildi. Çoxları qəhərlənmişdi. Şah İsmayılın fikri dəyişdi, kədər məğrurluqla əvəz olundu. Bu məğrur hisslər içərisində o yenilməzliyini hiss edirdi, amma qəhər keçib getmirdi. Onu qəhərləndirən indi də tamam başqa bir hiss idi. Öz xalqının hakimiyyəti, öz xalqının dili, öz xalqının sənəti… Hər şey qovuşurdu, birləşirdi, Qurbaninin sazından qopan ahəng kimi cəm olurdu. Bu birliyi qəhərsiz, ürəyə axan sevinc yaşları olmadan təsəvvür etmək mümkün deyildi.

Bu yanğı, bu qüdrət birdən-birə susdu. Məçlis özünə gəlməmiş, Qurbani «Sarıtel»ə keçdi. Üzünü Şah İsmayıla tutdu: “

– Ey böyük şahim, mürşidi-kamilim, rüsxət versəniz, bu el bayramında, el toyunda gözəl şairimiz – şahımızın bir şeirini oxuyaram…

Xətai əli ilə işarə verdi. Bu, razılıq əlaməti idi.

 
Qaibdən dəlil göründün.
Dədəm, xoş gəldin, xoş gəldin!
Bizi sevib sevindirdin,
Dədəm, xoş gəldin, xoş gəldin.
 

Toya qəribə bir şuxluq gəldi. Qurbaninin də gücü onda idi ki, kədərdən şadlığa, yanğıdan sərinliyə, zirvədən düzə enməyi bacarırdı.

 
İki can idik, birləşdik,
Məhəbbət qapısın aşdıq,
Şükür, didara irişdik,
Dədəm, xoş gəldin, xoş gəldin!
 

Sarayın eyvanının bir tərəfində sənətkarlar əyləşmişdi. Bunların arasında nəqqaş Sultan Məhəmməd, şair Həbibi vardı. Onlar şirin söhbət edirdilər. Həbibi böyük sənət uğuruna görə Sultan Məhəmmədi təbrik eləmişdi. İndi Qurbaniyə qulaq asanda ikisi də qəhərlənmiş, sevincdən məst olmuşdular.

Həbibi ürəyində deyirdi: «Şah İsmayıl gəlməliydi. Zaman onu yetirməliydi. Bunun başqa yolu ola bilməzdi. O gəlib, indi bizim sənətin də gözəl günləri başlayır. Nə qəribədir ki, bu sənətkarlar da elə Xətai yaşdadırlar» .

Qurbani oxuyurdu:

 
Üstümüzə yol uğratdın.
Gövhər aldın, gövhər satdın,
Ərliyini isbat etdin.
Dədəm xoş gəldin, xoş gəldin!
 

«Tayfalara bölünmüş xalqın cavanlığı başlayır. Bu elə gənclikdir ki, onun ürəyində qızılgül var, tikan yoxdur. Özü də elə biz yaşdadı. Atası ilə Səmərqəndi, Buxaranı, Heratı gəzib qayıdıb. Babası da, atası da orada işləyib. Babasını oraya Teymurləng Təbrizdən aparıb. Şahi zindanı tikən memarın oğlu da memar olmuş, mədrəsələr, hamamlar, məscidlər yaratmış. İndi isə bu cavan oğlan Şah İsmayılın adını eşidib Təbrizə qayıdıb. Onun adı Əziz Həsənoğludur. Gənc yaşında saçlarına dən düşüb. Min bir əziyyətlə gəlib çıxıb. Bir həftə karvansaraları dolaşandan sonra saraya gəlib, dərdini danışıb, memar olduğunu deyib, Budur, onu da şahın məclisinə çağırıblar».

 
Boylə, Şah Xataim, boylə,
Pirim dəstur versin sözlə,
Şaha məndən niyaz eylə.
Dədəm, xoş gəldin, xoş gəldin!
 

Toy bir həftə davam edəcəkdi. Bu birinci gün Şah İsmayıl Taclıbəyimi görmək üçün tələsirdi. Ona təzə şeir yazmışdı.

Gəlin «Səkkiz behişt» sarayının cənnətə bənzər yataq otağındaydı. Şah İsmayıl sağdış-solduşu ilə gələndə yengə onu qarşılayıb xələt istədi və şahdan xələtini alandan sonra qapını açıb onu içəri buraxdı. Sağdış və solduş qarşı otaqda açılmış süfrədə oturub səhərə qədər yeyib-içəcək, məzəli əhvalatlar danışacaq, gözlərini yummayacaqdılar.

Şah İsmayıl içəri girəndə qapılar onun arxasınca örtüldü. Bir xeyli getdi. İkinci bir otağa gəlib çıxdı. Burada çilçıraqlar yanırdı. Burada pərqu deşək üstündə ağ, qu quşuna bənzər ağ paltarda oturmuş Taclıbəyimi gördü. Alnına meyllənmiş almaz tacından, qaftanındakı iyirmi altı almaz düymədən minlərlə işıq şüası bərq vururdu. O, şahanə görkəmdə oturmuşdu.

– Salam, axşamın xeyir, bəxtin işıqlı! – deyə Taclıbəyim elə yavaşdan danışdı ki, Şah İsmayıl eşitmədi.

 
Qızılgül, bağü bostanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
 
 
Qərarü səbrü aramım tükəndi,
Kəsildi, güllü fərmanım, nə dersən?
 
 
Əridi iliyim, qaldı sümiyim,
Bu təni tərk edən canım, nə dersən?
 
 
Qamu dərdlilərə, dərman bulundu,
Davasız dərdə dərmanım, nə dersən?
 
 
Qamunun küfr ilə imanı vardır,
Mənim küfr ilə imanım, nə dersən?
 
 
Sənin məqsudun odur kim, ölüm, mən
Halal olsun sənə qanım, nə dersən?
 
 
Əgər yatsam min il torpaq içində,
Dürüstdür əhdü-peymanım, nə dersən?
 
 
Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?!
 

Taclıbəyim bu məhəbbətin qarşısında nə edə bilərdi? Yanağına dolan qanın hərarətini hiss edirdi, ürəyi elə bil ovcundaydı. Quş ürəyi kimi döyünürdü bu ürək. Elə bil, uçacaqdı. Şərqə səs salmış bu yeniyetmə şahın məhəbbətini qazanmaq həm də necə məhəbbətini… Bundan böyük xoşbəxtlik varmıdır?

– Niyə dinmirsən, Taclım, mənim əzizim?

– O gözəl şeirin qarşısında mən nə deyə bilərəm? Axı mən şeir yaza bilmirəm.

– Bəs o hisslər necə?

– Hisslər… O hisslərdən ürəyim qanad çalmaq istəyən quş kimidi, şahim. Tanrı bircə bizim bu xoşbəxtliyimizi əlimizdən almasın.

6

«Xarın, Səmnanın, Dəmavənd və Firuzgahun hökmdarı Hüseyn Kiya Çələbi üsyan qaldırıb Reyin hökmdarı İlyas bəy Ayqut oğlunu öldürdüyünə görə qalibiyyət bayraqları ramazan ayının 12-ci günü Dirukac (?) dan keçib Reyə gəldi. Oradan qələbilərin əlində olan Gülüxəndan qalasına yan aldılar. İki gündən sonra qalanı aldılar. Burada və Dəmavənddə divan quruldu. Günahkarlar cəzalandı.

Bu günlərdə Qazı Məhəmməd Kaşi Movlana Şəmsəddinlə bərabər sədrliyə başladılar.

Şövval ayının 11-də2 Firuzgah qalası mühasirə edildi və 15 gün sonra Qalabəyi Əli Qiya Səməndər hökmdarın ayağından öpmək üçün gəldi və qalanı təslim etdi. Bundan sonra qalib ordu Həbləruzdan keçib Usta qalasını mühasirəyə aldı. Hüseyn Çələbi və Murad bəy Cahanşah burada gizlənmişdilər. Bir aydan sonra qızılbaşlar Hələbrud çayının suyunu kəsdilər.

Zülhəccə ayının 1-ndə Hüseyn Kiya məcbur qalıb qaladan çıxdı. Düşməndən intiqam alan qazilər Murad bəyi edam edib, meyitinə od vurdular, Hüseyn Kiya isə dəmir qəfəsə salındı. O, intihar etdi».

(Zeynalabdin Əlinin «Təkmilət-əl əxbar» əsərindən.)

Yazın əvvəlləri idi. Təbiət təzə gəlin kimi bəzənmişdi. Lalənin qırmızı örtüyü yaşıl döşləri örtmüşdü. Ballıcanın üstündə bal arıları vızıldaşırdı. Çəmənliklərdəki qaraot zolaqlarında ağ, iri papaq göbələklər qara torpağı da özləri ilə bərabər qaldırmışdı. Yol kənarındakı daşların üstündəki daşxınaları boz, sarı, narıncı rənglərə çalırdı. Yol ilə qalxan atlılar çox yorğun və dilxor görünürdülər. Qabaqdakı üçatlının çırtma vursan qanı damardı. Arxada gələn dəstə döyüşçülər, xidmətçilər idi. Heç nədən xəbərləri olmasa da, qabaqda gedən hörmətli adamların əhvali-ruhiyyəsi onlara da təsir etmişdi.

Onlar çox uzaq yoldan qayıdırdılar.

Sultan Bayazid əyan-əşrəfi ilə bərabər atını sürüb «Ayasofiya»nın qarşısındakı meydana girdi. Burada dar ağacları qurulmuşdu. Otuza qədər olardı. Dar ağaclarının sayında da adama kəfən geydirmişdilər. Carçı Sultan Bayazidin gəldiyini elan elədi.

Bayazid arıq, göygöz, itibaxışlı, sərtsifətli adam idi. Onun sifətində gülüşü çox az adamlar görmüşdü. Bunun da bir çox səbəbləri vardı.

Atası Fateh Soltan Məhəmmədə həkimi Yaqub paşa zəhər verib öldürəndən sonra məlum olmuşdu ki, bu həkim Yaqub Paşa deyil. Venedikt cümhuriyyəsinin göndərdiyi Maestro Laçanodur.

Bu ölümdən sonra Bayazidlə qardaşı Sultan Cem3 arasında mübarizə başlamışdı. Bayazid İstanbula yaxın olduğu üçün özünü tez yetirib taxta çıxmış, qardaşı Sultan Cemlə müharibəyə başlamışdı. Sultan Cem isə qardaş qanı tökməmək üçün əvvəlcə Misirə, sonra Məkkə ziyarətinə getmiş, geri qayıdanda gəmisini külək Rados adasına aparıb çıxartmışdı. Radosda latın cəngavərlərinin əlinə düşmüşdü. Avropa çoxdan belə bir fürsət gözləyirdi.

«13 martda Romaya gələn şahzadəni şəhərdən kənarda papanın oğlu Fransisko Kubo, kardinallar, böyük xalq kütlələri qarşıladı. Türk sultanının oğlunu görmək üçün basabas salmışdılar. Böyük hökmdarlara məxsus bu qarşılanmadan sonra Roma papasının iqamətgahına aparıb ona yer verdilər. Bu andan başlayaraq Roma Avropa siyasətinin diqqət mərkəzində dayandı. Macarıstan kralı ələ Məmluk sultanı şahzadəni almaq üçün papaya təzyiq göstərməyə başladılar. Cemin 6 ay yarım sürən Fransadakı əsirliyi bitmiş, həmin fəxri əsirlik İtaliyada başlamışdı. Bu 5 il, 11 ay, 14 gün davam edəcəkdi.

Şahzadəni Romadan kənarda qarşılayanlar arasında Məmluk sultanının papanın yanına göndərdiyi elçilər də vardı. Məmluk elçiləri uzaqdan Sultan Cemi görən kimi torpağı öpməyə başladılar. Sonra yaxınlaşıb şahzadənin üzəngiyə keçirdiyi ayaqlarını öpdülər. Ertəsi gün Cem papa tərəfindən qəbul edildi. Papa, kardinallar, Romadakı bütün elçilər şahzadəni ayaq üstündə qarşıladılar. Papa böyük tacını və mərasim libasını geymişdi. Mərasim məmurları Cemə imperatorların belə papanın ayaqlarından öpdüklərini deyir, heç olmasa baş əyməsini xahiş edirdilər. Şahzadə dedi ki, o yalnız atasının qarşısında baş əyib və bundan sonra heç kəsin qarşısında əyilmək fikrində deyil. VIII İnnokenti onu başı ilə salamlayan Sultan Cemi qucaqlayıb öpməklə böyük iltifat göstərdi.

…Papa Avropa dövlətlərinin Türkiyəyə qarşı birgə müharibəsinə sərkərdəlik etmək üçün Sultan Cemin razılığını almaq istəyirdi. Bu barədə öz fikrini üstüörtülü deyəndə «mən ölkəmə xəyanət etməyəcəyəm» deyə cavab verdi. Papanın onunla rəsmi və xüsusi görüşlərindən heç bir nəticə hasil olmadı.

İstanbula çağırıb başına tac qoysalar belə, sultan bu qədər əhvalatdan sonra onu götürməyəcəyini, yalnız Qahirəyə qayıdıb ömrünü ailəsinin yanında başa vuracağını deyirdi.

…O, Şərq dillərindən əlavə latın, yunan, italyan və fransız dillərini də bilirdi.

…1490-cı ildə Sultan Bayazidin elçisi qapıçıbaşı Mustafa bəy gəldi. Sultan Cemin 3 illik xərcini papaya təqdim etdi.

…Bu aralarda Venedikt torpaqları yenə də türk süvariləri tərəfindən cığnanırdı. Venedikt bundan cana gəlmişdi. Sultan Bayazidi qorxutmaq üçün Avropa hökmdarları papaya təzyiq göstərib Sultan Cemi onun əlindən almaq istəyirdilər.

…1494-cü ildə papa fransız kralı VIII Karlla bərabər Sai Anqelo sarayında Sultan Cemin qəbuluna getdilər. Böyük və təntənəli bir mərasim oldu. Papa VIII Karlla şahzadəni tanış etdi və şahzadəni fransız kralına verdi.

(Yılmaz Oztuna «Türkiyə tarnxi».)

Fransız kralı Sultan Cemi Parisə apara bilməmişdi.

O yolda, Neapolda 35 yaşında vəfat etmişdi. Papa tərəfindən onun zəhərləndiyi açıq-aşkar məlum idi. Onun ölümünə qədər qardaşı Bayazid Avropadakı istilalarını dayandırmalı olmuş, ayrı-ayrı xırda-para hücumlarla kifayətlənmişdi. Qardaşının ölümündən sonra o, hakimiyyətinin ikinci dövrünə girmiş, qol-qanadı açılmışdı.

Avropanın ən güclü dövləti olan Venedikt cümhuriyyətinə qarşı ciddi əməliyyatlara başladı. Venediktlilər dənizdə çox güclü idilər və onların donanmasını məğlub etmək mümkün deyildi. Mühüm qələbələrdən birini Spinoza adası yanındakı dəniz döyüşündə məğlubiyyət ərəfəsində olan Barak rəis qazandırdı. O, gəmisini venediktlilərin admiral gəmisinin üstünə sürdü, başqa gəmilər onu əhatə etdilər. Donanmanın admiralını əsir almaq niyyəti ilə hamı gəmisini ona tərəf sürürdü. Hər tərəfdən onu əhatə etdilər, gəmiyə keçməyə başlayanda o, gəmiyə yüklədiyi barıtı partlatdı, özü və gəmisi ilə bərabər Venedikt admiralı Veredianın gəmisini və onlarca başqa gəmini göyə sovurdu. Bundan sonra qorxubilməz qüdrətli Venedikt donanması qaçmağa üz qoydu.

Bu dar ağacı altına gətirilənlər isə həmin qələbədən sonra adanı qorumaq üçün quruya çıxarılan yeniçərilərdi. Bir müddətdən sonra adaya yan almış və düşmən qüvvəsini çox görüb adanı təhvil verib İstanbula qayıtmışdılar. Hərbi əmri yerinə yetirməkdən imtina etdiklərinə görə edam edilirdilər.

Sultan Bayazid tələsirdi. Tez hökmü oxudular. Kəndirləri ağ kəfən geymiş yeniçərilərin boğazlarına keçirtdilər, meyitlər sallana-sallana qaldı. Nə hıçqırıq eşidildi, nə də qarğış. Sultan Bayazid atını sürüb sarayına getdi.

Otuz nəfərin edamında özünün şəxsən iştirakı çox vacib idi. Sultan Cemin əsirliyi ilə bağlı hərbi yürüşlərin keçirilməməsi ən igid döyüşçülər olan yeniçərləri də tənbəlləşdirmiş, laqeydləşdirmişdi. İndi əsgəri nizami-intizamı möhkəmləndirmək məqamı yetişmişdi.

Sultan Bayazid başa düşürdü ki, o, atası Fateh Sultan Məhəmmədin səviyyəsinə qalxa bilməyib, onun kimi sərkərdəlik qabiliyyətinə yüksəlməyib. Qalan vaxtı əldən vermək istəmirdi. Amma nə qədər çətinlikləri vardı!.. Oğlanları böyümüşdü. Onlardan şahzadə Əhmədin, Qorqudun yaşları otuz beşi keçmişdi. Hələ şahzadə Səlim… Onların hər biri atasının yerini tutmaq istəyirdi, Bayazidin ürəyindən keçən bu idi ki, Qorquddan yaxşı hökmdar çıxar. Amma onun da oğlu yoxdur, qızları var. Ailə oğul üzünə həsrət qalıb. Qorqudu ona görə istəyirdi ki, Qorqudun dənizçilər arasında çox böyük hörməti vardı. Gələcəkdə isə dəniz qüvvələrini gücləndirmək lazım gələcəkdi.

Sarayın qapısında iri təbil aramla vurulurdu. Bir, iki, üç, dörd.., altmışa çatanda, ondan da iri təbil vurulurdu. Demək, saat tamam oldu. Düzdü. Avropadan mexaniki saatlar alıb gətirmişdilər. Amma qədim adəti hələ də pozmamışdılar. Sultan Bayazid öz yerini taxtda tutandan sonra vəziri Əli Paşa varid oldu. Vəzir ölkədəki vəziyyət barədə məlumat verməliydi. Bu sarayda vəzirin on kiçik səhvi onun böyük cəzası ilə nəticələnirdi.

Fatehin həkimi Yaqub paşanın Venedikt təbəəsi ola-ola sultan sarayına türk kimi yol tapması, sultanı yavaş-yavaş zəhərləyib öldürməsi yaddan çıxan məsələ deyildi və bu işdə vəziri günahkarlandırmışdılar. Davud paşadan sonra Hərsəkzadə Əhməd paşa cəmisi bir il vəzirlik etmiş, onun yerinə Candarlızadə İbrahim paşa keçmişdi. İki il sonra vəzifəni İbrahim paşa tutmuş, onu da Hacı Məsih paşa əvəz etmişdi. Bir il sonra o da ölmüşdü.

İndi Əli paşa səltənətin işlərini aparmaqda canidildən çalışsa da, hiss edirdi ki, sultan ondan da şübhələnir.

Vəzir Avropadakı məsələlərdən danışdı. Amma Sultan nədənsə bu məsələyə o qədər də əhəmiyyət vermədi. Məsələ Səfəvi hökmdarına çatanda vəzir dedi:

– Kürd əmiri Hacı Rüstəm bəy Mükri məktub göndərib.

– Oxu görək.

Vəzir lülələnib möhürlənmiş məktubu açıb oxudu.

Kürd əmiri yazırdı ki, bu üsyankar şiə tayfasının dərsi verilməsə, hələ çox iş görəcək. Onlar Əlvənd Mirzəni təzədən məğlub eləyib qovandan sonra İraqi-əcəmdə Murad Mirzəni, İraqi-ərəbdə Barik bəy Pərnakı darmadağın elədilər. İndi isə Misir məmluk sultanı Qansu ilə ittifaq yaratmaq istəyirlər.

– Münrü başından böyük danışır. Özünü siyasətdən başı çıxan adam kimi göstərmək istəyir. Daha bilmir ki, sultan Qansu Quri dünənki uşaqla birləşib Sultan Bayazidin üstünə gələ bilməz.

– Böyük Sultan! Bəlkə o, Sultan Cemin ailəsinin Misirdə qalmağı məsələlərini eşidib elə düşünür ki, belə işdən ötrü müharibə ola bilər.

Sultan Bayazid vəzirinə tərs bir nəzər saldı və ağ saqqalı yun kimi görünən vəzirin rəngi daha da qaraldı.

– Ağqoyunluların çırağı söndü. Bunu birdəfəlik yadında saxla. Uzun Həsənin özünə bərabər övladları olmadı. Bu tör-töküntülər də heç nəyə qadir deyil. Bizim köməyimiz də onları iqtidara gətirə bilmədi. Bu məsələ qurtardı. İndi başa düş ki, Təbriz taxtının sahibi o uşaqdı. O isə bizimlə hələ gücünü sınamaq halında deyil.

– Sultan əlini taxtın, qızıl çəkilmiş qoltuqluğuna qoymuşdu və onun ağdərili əlinin üstündəki göy qan damarları açıqca görünürdü. O bu əllərlə şeir yazırdı, xəttatlıq eləyirdi, mürəkkəb hesablamaları qarğı qələmlə aparırdı.

Vəzir başını qaldırıb Sultanın sifətinə baxdı. Sultanın qırğı dimdiyinə oxşar burnu eynilə onu atasına oxşadırdı. Vəzir Sultandan sonra başını qaldırıb divara vurulmuş böyük şəklə baxdı. Onu Fatehin vaxtında Florensiyadan gəlmiş rəssam Bellini çəkmişdi. Fatehin öz sifarişilə gələn rəssam onun bir neçə şəklini yaratmışdı. Onlardan birində Fateh ağ çalma ilə təsvir edilmişdi, mülayim bir görkəmdəydi. Şəklin arxası qara rəngdəydi və sultanın başı üstündə hər tərəfdə üç tac şəkli əks olunmuşdu. Bu da o deməkdi ki, yəni Sultan neçə-neçə ölkəni öz hakimiyyəti altında saxlayır. Bəli, Bayazid öz atasına çox oxşayırdı. Hirslənəndə isə bu oxşarlıq itir. Əli paşa Fatehi də yaxşı tanıyırdı. İstanbulu alanda, Ayasofiyada səcdəyə gələn bizanslıları ayağa qaldırmışdı. «Qalxın, mən sizi ayağa qaldırmağa gəlmişəm!» deyəndə bax, beləcə mülayim idi. Rəssam düşmən ölkədən gəlsə də, Fatehi mülayim, sakit görkəmdə əks elətdirib. Bəlkə elə buna görə də Bellini vətəninə qayıdanda onu aparan gəmi hədiyyələrin ağırlığından suya elə oturmuşdu ki, onun vətəninə çatmağına ümid eləyənlər az idi.

– Sultan-əzəm, düzdür, onun bizimlə üz-üzə gəlməyə gücü yoxdur. Amma babası Uzun Həsənin vaxtındakı sərhədləri bərpa eləyib qurtarmaq üzrədir. Gələcəkdə çox böyük qüvvəyə çevrilə bilər. Özü də sünniləri hər yerdə sıxışdırır. Dəstə-dəstə sünni qaçıb sizin kölgənizə sığınmaq istəyir, amma sərhəddəki sancaqbəyiləri onları düşmən kimi qarşılayır. Adamların ah-naləsi ərşə qalxıb. Buna bir əncam çəkmək lazımdır.

Bayazid fikrə getdi. Vəzir onu aldatmırmı? Oradan sünni adı ilə şiələr gələ bilər. Anadoluda da şiələr çoxdur. Onları qızışdırarlar, onları sakitləşdirmək böyük çətinlik törədər.

– Bəlkə onlar şiələrdi? Sünni-adı ilə gəlir? Buna. nə deyirsən?

– Mənə çatan xəbərlərə görə onlar sünnilərdi.

– Dürüstləşdir. Yoxlanılıb sonra ölkəyə buraxılsınlar.

– Baş üstə. Məktubları hazırlayıb günü sabah sizin mübarək hüzurunuza gətirərəm.

– Əli paşa, Şah İsmayıl İraqi-əcəmi də, İraqi-ərəbi də tutub. Nəzakət xatirinə onun yanına elçilər göndərib, gözaydınlığı vermək yadınıza düşməyibmi?

– Sultan-əzəm, belə məqamlar Sultanın mübarək fikri ilə yerinə yetirilən işlərdir, ona görə qulunuz o məqamlara qədər düşünməyə özünü qadir hesab etmir.

– Məhəmməd Çavuş Balabanı göndərərsən. Qoy hazırlaşsınlar, Şah İsmayıla məktub yazmalıyam. Mənə de görüm, Şeybani xandan elçilər gəlib çıxmayıb?

– Bu günlərdə Krımdan, Kafadan çıxmalıdılar. İndi yolda olarlar.

– Onları böyük şərafətlə qarşılamaq lazımdır.

Əli paşa Bayazidin fikrini başa düşdü. Demək, Şah İsmayılın başı altına yastıq qoymaq lazımdır. Bir zaman ayılıb görsün ki, iş işdən keçib…

7

Şah İsmayıl qamışlıqda atdan düşdü. Mehtərlər yüyəndən tutub səssizcə dayandılar. Hər tərəf hündür qamışlıq idi və qamışların başındakı yumşaq süpürgələrinə baxmaq üçün gərək əlini papağına qoyaydın ki, düşməsin.

O, üstü qızıl işləməli qabdan oxu götürüb kamana qoydu, yavaş-yavaş irəlilədi. Ayağının altına baxanda gördü ki, qamışa ilişib çıxan iki qulac4 uzunluğunda qabıq ilanın özü kimi əyri-üyrü şəkildə qalıb. Qamışın içərisindən çıxan papirusa oxşayır, ondan da xeyli yoğundur. Demək bu qamışlıqlarda xeyli belə böyük ilanlar var. Onun qılıncı belindəydi, heç nədən qorxusu da yox idi.

Bu, Şah İsmayılın ilk pələng ovu idi. Vaxtilə pələng ovu barəsində çox oxumuşdu. İndi özünü sınaqdan keçirmək fikrindəydi. Keçmişin bütün qəhrəmanları təkbətək iki şiri birdən ovlayıb, pələngə qalib gəlib.

Belə bir elanı carçılar vasitəsilə camaata çatdırmışdı ki, kim ona pələngin yerini dürüst desə, bir at alacaq. At almaq həvəsinə düşənlər onun iqamətgahına çox gəlmişdi. Nəhayət, onlardan birinə inanıb ova çıxmışdı. Heç kimi də yanınca götürməmişdi. Onun ov yoldaşları olan Dədə bəy, Hüseyn bəy Lələ, Qara Piri bəy Qacar və başqaları qamışlığın girəcəyindəki düşərgədə qalmışdılar.

O, bir neçə addım da gedib qamışlıqdakı səsləri dinlədi. Ona tərəf nəsə qamışları yara-yara irəliləyirdi. Yox, bu pələng ola bilməzdi. Cəngəllik şahı belə yerdə çox asta-asta gəzir. Bəs bu nədir? Bir azdan qabanın zolaqlı balaları göründü və onlar kəsə hiss eləyib, zingildəyə-zingildəyə yollarını dəyişdilər.

Cəngəllik şahı… eyvanlar arasında ən qüdrətli heyvan pələngdi. Ona görə də o öz cəngəlliyində heç kimdən qorxmur, heç böyük bir dövlətin hökmdarından– şahından da… Fürsət düşən kimi onun üstünə tullanacaq, ələ keçirsə parçalayacaq.

Onun özü də eyni xasiyyətə malikdir. Ölkəsinə düşmən gələrsə onu qılıncla qarşılayıb, qılıncla qovacaqdı, yaxud məhv edəcəkdi. Sonra isə ölkəsinin başqa işləri, qayğıları ilə məşğul olacaqdı.

Bir dəfə Ucan yaylağında onun qabağına keyik5 çıxmışdı. Keyik onu görən kimi hürküb sıçramış, baş götürüb qaçmışdı. Şah İsmayılın heç ağlına gəlməmişdi ki, onu ovlasın, ona ox atsın. Əksinə, istəmişdi keyik dayansın, şahın ona yaxınlaşmasına imkan versin. Yox, bu gözəl heyvanı elə qorxuzublar ki, o hamıdan qaçır. Bax, cavan şah onda bu münasibətlə bir şeir yazmışdı:

 
İçmişəm bir dolu, olmuşam ayıq,
Düşmüşəm dağlara, olmuşam keyik.
Sənə derəm, sənə, sürməli keyik,
Qaçma məndən, qaçma, avçı deyiləm.
 
 
Avçı deyiləm ki, düşəm izinə,
Qaça-qaça qanlar endi dizinə,
Sürmələr hey çəkdin qonur gözünə,
Qaçma məndən, qaçma, avçı deyiləm.
 
 
Sənə derəm – sənə, keyik ərənlər
Bizə sevda, sənə dalğa verənlər,
Dilərəm mövladan yenməz vuranlar,
Qaçma məndən, qaçma, avçı deyiləm.
 
 
Eyder, Şah Xətaim uçan, qaçandan,
Zərrəcə qorxmarıq bu datlı candan.
Gedib dəvac olma atana mandan
Qaçma məndən, qaçma, avçı deyiləm.
 

Elə bil keyikin səsini eşitmişdi:

 
«Aman avçı, vurma məni,
Mən bu dağın maralıyam».
 

Bundan sonra həmin şeiri yazmışdı. Özünə söz vermişdi ki, ov eləməsin, acizlərə əl qaldırmasın.

İndi ilk dəfə ova çıxmışdı. Pələng ovuna. Vəhşiliyin hökmran olduğu, güclünün gücsüzü məhv etdiyi bu aləmin güclüsü ilə üz-üzə gəlmək üçün.

Birdən o, nərilti eşitdi. Dayandı. Bu gələn pələng idi. Amma o pələngi pusqudan vurmaq istəmirdi. Üz-üzə dayanıb gücünü göstərmək fikrindəydi. «Bu dünyanın yazılan və yazılmayan qanunları çoxdur və onlardan da biri mərdanəlik qanunudur. İstər insanla, istərsə heyvanla üz-üzə gəlib vuruşmaq, qalib gəlmək, yaxud məğlub olmaq sonranın işidir. Söz yox ki, bu mərdanəlik qanununu pələng başa düşmür. O, heyvandı, o, vəhşidi. Mən axı insanam, heyvanı arxadan vuran deyiləm ha».

Şah İsmayıl bir az da qabağa gedib açıqlığa çıxdı. Burada balaca bir kol vardı. Heyvanlar günün altında qızmış, hamam suyuna dönmüş göldən su içirdilər. Bir cüyür də əyilib su içirdi. O pələngi də gördü. Sarı rəngli, zolaqlı pələng marığa yatmışdı birdən-birə cüyürün üstünə tullanmağa hazırlaşırdı. Şah İsmayıl buna imkan verə bilməzdi. Pələng ceyranı parçalayan kimi, leşini sürüyüb götürüb gedəcəkdi. O, yerdən bir kəsək parçası götürüb cüyürə tulladı. Cüyür hürkdü, dönüb Şah İsmayılı gördü və yerində, nazik ayaqları üstündə yırğalandı, bu polad titrəyişinə bənzər ayaqlar onu irəli tulladı. Pələngin son həddə çatmış səbri tükəndi, yerindən qalxmaq, cüyürün dalınca düşmək istəyərkən ovçunu gördü. Cəngəllik şahının bığları dartıldı, qabaqdan iki iri dişi göründü. Pələng onun üstünə tullanmağa hazırlaşmışdı. Şah İsmayılın kamana qoyduğu oxu da hazır idi. Qəfildən pələngin uçuşu başlandı. Heyvanın uzun gövdəsi, qüdrətli pəncəsi, bu boyda ağır bədənə istiqamət verən quyruğu onun yadından heç vaxt çıxmayacaqdı. Həmin uçuş elə göydə saxlanmasa, sonrası pis ola bilərdi.

Şah İsmayılın kamanından çıxan ox vıyıltı saldı və yolda pələngin ürəyi ilə tuş gəldi. O yana çəkildi. Bu an pələng qıvrılıb onun dayandığı yerə düşdü. Oxun lələkli arxası yerə dəyib, daha dərinə batdı. Pələngin iti dişləri kilidləndi.

O, sevinirdi. İlk ovu uğurlu olmuşdu. Çox asanlıqla pələngə qalib gəlmişdi. Cəngəllik şahını məğlub eləmişdi, özü da mərdanəlik qanunu ilə. Dayanıb bir xeyli bu məğrur, güclü, gözəl tüklərinin parıltısı itməmiş, gözlərinin parıltısı ölüşgəmiş heyvana baxdı və ürəyində heyfsiləndi də. Belə gücə, qüvvəyə qıydığına görə bir an özünü qınadı.

Bu vaxt qamışlıq tərəfdən çaxnaşma, xışıltı eşidilməyə başladı. Nəhəng bir ilanın başını gördü. O, ilanın soyuq gözlərində, çaldığı haça dilində, naxışlı buz kimi dərisində elə bir vəhşilik, insanlıq dünyasından uzaq, dəhşət hiss elədi ki, tükləri ürpəşdi. İlan onun üstünə yox, gölə tərəf sürünüb özünü suya atdı.

«Gör gələn nədir ki, o boyda ilan özünü gizləməyə yer axtarır». İki əyridiş qaban da qaçıb getdi. Səslər yaxınlaşdı, xışıltı artdı və talaya Şah İsmayılın əyan-əşrəfi, nökər-naibi, qorçuları çıxdı.

– Ovunuz uğurlu olsun, şahim! – bu Hüseyn bəy Lələnin səsi idi.

– Uğurludan uğurludur. – Dədə bəy yetirib pələngə baxdı. – Pələng belə olurmuş? – təəccübünü gizlədə bilmədi.

Müridlər pələngə yaxın getməyə qorxurdular.

– Ölübdü. Elə bircə oxla. Ürəyinə dəyib ox.

Bundan sonra pələngi götürdülər. Ağac gətirmişdilər, ayaqlarının arasına qoyub, kəndirlə ayaqları sarıdılar. Çiyinlərinə götürüb apardılar.

– Dərisini korlamayın. Bilən adam çağırın, yaxşı soysun.

Pələngi öldürəndən sonra şahın daxilində bir-birinə zidd iki fikir yaranmışdı. Öz gücünə daha çox inanmışdı. Onun qarşısında bütün bağlı qapılar açılır, sərkərdələr qılınclarını sındırıb meydandan qaçır, elə bil gözə görünməz bir ordu onun yolu üstündəki bütün əngəlləri silib-süpürüb atırdı. Bu həmişəmi belə olacaq?

O ürəyinə ox sancılan pələng də vaxtilə çox sıçrayışlarla öz ovunu əldə eləyib. Bu dəfə isə onun bəxti gətirmədi. Dərisi ayaqlar altına səriləcək.

Hüseyn bəy Lələ Şah İsmayılın tutqunluğunun səbəbini bilmirdi. Soruşmağa da ürək eləmədi. Qələbələr artdıqca, ölkənin ərazisi böyüdükcə Hüseyn bəy Lələ də Şah İsmayıldan çəkinməyə başlayırdı. Aralarındakı səmimiyyətmi, doğmalıqmı azalırdı, bilmək olmurdu. Bu heç vaxt açıq şəkil almamışdı. Öz-özündən hiss olunurdu. Sarayda hökmdarın möhüründən sonra vəzir Nəcmi Gilaninin möhürü, yalnız bundan sonra Hüseyn bəy Lələnin –əmirəlümaranın möhürü vurulurdu.

Nəcmi Gilani Gilan seyidlərindən olub, şahın babası Şeyx Səfiyəddin İsağın dostu və qayınatası Zahid Gilaninin nəslindən idi. Vəzirliyə gələn kimi vergiləri, sürqalları ciddi nəzarətə və qeydə almışdı. Heç kim bir çöp də gizlədə bilməzdi. Siyasət aləminə qarışmasa da, sarayda vəziyyəti hamının vəziyyətindən möhkəm idi. Hüseyn bəy Lələ hər hansı şəxsiyyətin şah tərəfindən ondan irəli çəkiləcəyinə inanmamışdı. Artıq hər şey göz qabağındadır.

«Eybi yoxdur. Mən rəhmətlik Şeyx Heydərə söz verəndə ağlıma da gəlməzdi ki, əlimizdən belə nəhəng işlər gələcək. Əmirlər əmiri olacağam. Onun ki yanında üzüqara, şüğlizümmə olmamışam, bəsimdi. Nə qədər canımda can var, şaha qulluq edəcəyəm, sonra da Allah kərimdi».

Şeyx Heydərdən sonra bir qarış torpağı, evi-eşiyi olmayan, ömrünü Darülirşadda, təkyələrdə keçirən Hüseyn bəy Lələyə Şah İsmayıl Yezd vilayətini bağışlamışdı. Bu çox böyük sürqal idi ki, onun bütün gəlirindən bir axça da vergi vermədən özünə götürməliydi. Amma fikirləşirdi ki, nəyinə lazımdır bu var-dövlət. Yezdi idarə eləmək lazım idi. Özü oraya gedə bilməzdi. Şahı qoyub hara gedə bilər? Onun gecəsi-gündüzü yox idi. Qorçuları ən yaxın adamlardan, qohumlardan seçib götürsə də, Dədə bəyə özü qədər inansa da, yenə də ürəyi narahat idi. Dədə bəyin var-dövləti birə on artmışdı. Ona da ölkə bağışlamışdılar. Birdən başı o var-dövlətə qarışar. Şahın başına bir iş gələr…

Yezdi idarə eləmək üçün hələ Şeyx Heydər vaxtından tanıdığı müridə bəylik ləqəbi verib oraya göndərmişdi. Tapşırıqlarını vermişdi. Demişdi adamların şikayətinə ədalətlə bax. Zülmkar olma, hiylələrə aldanma, tapşırdığın işi yoxla. Bundan sonra Yezdi heç yada da salmamışdı.

Dədə bəy şahın igidliyini, hünərini tərifləyirdi. Qamışlıqdan çıxandan sonra Hüseyn bəy Lələ də atını şahın «Qızılqanad»ı ilə yanaşı sürüb dedi:

– Şahim, Heratdan, Hüseyn Bəyqaranın elçiləri gəlib.

– Bəs indiyə qədər niyə demirdin?

– Ovun şadlığına heç nə qarışdırmaq istəmirdim.

Hüseyn Bəyqara Teymurləng nəslindən olub Heratda hökmranlıq edirdi. Şərqdə də çox böyük hörməti vardı. Bu hörməti ona qazandıran vəziri böyük şair Əlişir Nəvai idi. Hüseyn Bəyqara hərbi yürüşləri, parlaq qələbələri ilə deyil, elmə, sənətə olan hamiliyinə, Heratı Səmərqənddən sonra Şərqin ən gözəl şəhərinə çevirdiyinə görə şöhrətlənmişdi. Hər tərəfdən rəssamlar, təzkirəçilər, memarlar axışıb Herata gedir, böyük binalar tikilir, sənət əsərləri yaranırdı. O sənət incilərindən ən qüdrətlisi Əlişir Nəvai qələmindən çıxan, türk dilinin cığatay ləhcəsində yazılan «Xəmsə», rəssam Kəmaləddin Behzadın çəkdiyi rəsmlər, Mirxondun, onun oğlu Xandəmirin yazdığı təzkirələr idi.

Şah İsmayıl atının cilovunu tərpətdi, onların hamısı yorğa yerişlə çapıb getdi.

Hüseyn bəy Lələ gördü ki, Şah İsmayıl Hüseyn Bəyqara və Əlişir Nəvai elçilərinin gəlməsinə nə qədər böyük əhəmiyyət verir.

Hüseyn Bəyqaranın elçisi işarə verdi, səkkiz künclü, fil sümüyü və qızılla naxışlanmış kürsünün üstünə qumaşa bükülmüş bir bağlama gətirib qoydular.

Elçi yumru sifəti bozarmış ortayaşlı, həlim bir adam idi.

– Bu hədiyyəni Əlişir Nəvai həzrətləri böyük Şah İsmayıla, onun şairliyinə, ilhamına hörmət əlaməti olaraq göndərib. – Elçi sözlərini qurtarıb bağlamanı açdı. – Böyük hökmdar, bu böyük və dahi Nizaminin «Xəmsə»sidir. Surətini xəttat Sultanəli Məşhədi çıxarıb, «Xəmsə»yə şəkilləri isə böyük Kəmaləddin Behzad çəkib. – O «Leyli və Məcnun»u götürüb vərəqlədi və bağlamadan çıxan qızılla, qaş-daşlarla bəzənən rəhilə qoydu.

Şah İsmayıl Behzadın çəkdiyi şəkillərə baxıb heyrətini gizlədə bilmədi.

– Bunu insan əli yaradıb?

– Bəli, hökmdar. Kəmaləddin Behzadın fırçası ilahi vergisidir.

Şah İsmayıl xeyli müddət şəkillərə baxır, heç cür gözünü onlardan ayıra bilmirdi. Hüseyn Bəyqaranın göndərdiyi bir ilxı Axaltəkə atları onun gözündən düşdü. Əlişir Nəvainin hədiyyəsi onu heyran qoymuşdu. Behzad onu valeh eləmişdi. Şah birinci kitabı vərəqləyəndən sonra ona əyan-əşrəf də baxmağa başladı. Kitab sədr Qazı Məhəmməd Kaşıya çatanda, o özünü saxlaya bilmədi.

– Şahim, məni üzürlü tutun, Heratda allah yolundan çıxdıqlarını eşitmişdim, amma bu həddə çatdıqlarını bilmirdim. Peyğəmbərin buyruğudur ki, insan sifətini çəkmək günahdır. Bu dinsizlik, allah yolundan çıxmaqdır.

Elçinin danışdığı yerdə səsi batdı. Bu həm Hüseyn Bəyqaraya, həm də Əlişir Nəvaiyə qarşı böyük hörmətsizlik olardı. Şah İsmayıl qəlyan çubuğu kimi arıq və uzun, beli əyilmiş, bir gözündən su axan Qazı Məhəmmədi xeyli süzdü:

– Qazı həzrətlərinin deməyindən belə çıxır ki, imam Sahibi-Zaman din yolundan azıb?

Bu çox ağır cavab idi və Qazı özünü tamam itirdi.

– Allah eləməsin, ya imami Sahibi-Zaman. Mən elə demədim. Mən Heratdakıları deyirəm.

– Yenə soruşuram, imam Sahibi-Zaman din yolundan azıb? Ya hə, ya yox!

– Mən nə karəyəm sizin barənizdə bir söz deməyi dilimə gətirəm.

– Otur! Sənə tapşırdığımız iş çoxdur, onlarla məşğul olsanız mənə belə gəlir ki, daha yaxşı olar!

Elçinin rəngi ağarmışdı. Gərginlik məclisə soyuqluq gətirmişdi. Şah İsmayıl bu gərginliyi aradan götürmək istədi.

Böyük Nizami özü də «Xəmsə»sində insanları yazıb, onları söz ilə rəsm eləyib. Bu günah deyil. Böyük Kəmaləddin Behzad peyğəmbər əleyhissalamın dövründə yaşasaydı, onda mən inanıram ki, peyğəmbər özü onu tərif eləyərdi. Belə sənətkara ilhamı yalnız allah bağışlayır. Allah bağışladığına isə peyğəmbər heç nə deməz. – Bu sözlərdən sonra üzünü elçiyə çevirdi. – Məhəmmədcan ağa, Behzad harda yetişib?

Elçi böyük qürur və fəxr ilə sözə başladı:

– Bir gün Əlişir Nəvai həzrətləri təğyir-libas olub gedirmiş, əl-ayaqdan uzaq yerdə kasıb bir daxmaya rast gəlir. Qapını döyür. «Ləbbeh», yəni «buyurun» kəlməsi eşidib içəri girir. Daxmada Hüseyn Bəyqaranın və özünün şəkillərini görüb ev sahibi olan cavan oğlandan soruşur:

– Bu rəsmləri kim çəkib?

– Bu rəsmləri hünərməndlər atası, tədbirlər ustası, Əlişir Nəvai cənabları. Mən onları yalnız qonağa göstərirəm.

Mir Əlişir hiss eləyir ki, bu cavan oğlan onu tanıyıb, odur ki, deyir:

– Bəs onda bu rəsmləri saraya, mənim yanıma niyə gətirmədin?

– Nə üçün? Onları əgər gətirsəydim, onda mənə pul verəcəkdiniz. Onda da belə çıxacaq ki, mən öz sənətimi pula satıram.

Mir Əlişir gənc oğlana təzim edir.

Sonradan Behzad saraya gətirildi. İndi Kəmaləddin Bəhzad həm də Hüseyn Bəyqaranın kitabdarıdır. Saray kitabxanası onun fərmayişindədir.

Şah İsmayılın qəlbində qəribə bir həsəd və qibtə hissi baş qaldırdı. Belə sənətkarı olan hökmdar ən zəngin hökmdardı.

Güclü hökmdarlar qorxmadan, çəkinmədən böyük nəhəng döyüşlərə girir və qalib gəlir. Torpaq qazanır. Həmin torpaq vətən oğullarının qanı ilə suvarılandan sonra orada elə bağ salmaq lazımdır ki, əsrlərlə çiçək açsın. Torpaqda xış işləməsə, bağ salınmasa, həyat dayanar. Torpağın gözəlliyi əkindi, biçindi, çiçəkdi, taxıldı, ağacdı… Onu gözəlləşdirmək adi insanların payına düşüb. Bəs vətənin şöhrətini artırmaq necə? Ona görə də ilhamlı insanlar doğulur. Onlar şeir yazır, bina tikir, rəsm çəkir. Bu elə-bir sənətdir ki, heç vaxt ölmür, heç vaxt yaddan çıxmır. Sənətkarları güclü olan ölkənin şöhrəti də uzaqlara gedir. Budur, Sultan Məhəmməd gənc yaşında «Şeyx Səfi» xalçasının cizgilərini yaratdı, Behzad sənətinə çatan gücü var. Onu yetişdirmək, belə istedadları axtarıb tapmaq, qolundan tutub qaldırmaq lazımdır.

Mir Əlişir Nəvainin hədiyyəsinə ayrılan vaxt xeyli sürdü. Elçi Məhəmmədcan narahat olmağa başladı. hökmdarın hədiyyəsinə Şah İsmayıl gözucu baxmışdı. O, ilxıdan heç özünə at da seçməmişdi. Birdən bu xəbər Hüseyn Bəyqaranın qulağına çatsa necə olar? Mir Əlişirə onun qəzəbi tutmazmı? Deməzmi ki, nə üçün öz adından elə hədiyyə göndərirsən, mənim hədiyyəmi gözdən salır? Elçi sözü dəyişmək istədi.

– Böyük hökmdar, sultan Hüseyn Bəyqara böyük sənət hamisidir. Bu yaxınlarda gözümün qarşısında olan bir hadisəni sizə danışmaq istəyirəm. Mir Əlişir «Xəmsə»sini tamamlayıb hökmdara təqdim eləyib. hökmdar oxuyandan sonra bütün əyan-aşrəfini sarayın həyətinə toplayıb əmr elədi ki, ağ atını gətirsinlər. Atı gətirdilər. Hökmdar görünməmiş bir iş elədi. Mir Əlişirə dedi ki, bu ata minməlidir, atı ona bağışlayır.

– Nəvaiyə ölkənin yarısını bağışlamaq da azdır.

– Elədir, böyük hökmdar! – Amma tək at bağışlamadı. Mir Əlişirin etirazına baxmayaraq, onu ata minməyə məcbur elədi və özü atın qızıl üzəngisindən tutub həyətdə dövrə vurdu…

Oturanlar arasında etiraz nidaları eşidildi.

– Belə şey ola bilməz.

– Hüseyn Bəyqara özünü niyə alçaltsın ki?!

– Mən inanmıram.

Şah İsmayıl əlini qaldırdı. Hamı sakitləşdi.

– Bu hərəkətə mən inanıram. Bu hərəkəti ilə Hüseyn Bəyqara özünü alçaltmayıb. Əksinə, yüksəldib. Böyük şairə böyük qiymət vermək üçün böyük ürək olmalıdır.

Amma Şah İsmayıla çatmışdı ki, Hüseyn Bəyqara ömrünün bu çağında şəraba qurşanıb. Çox vaxt Əlişir Nəvaini eşitmir. Lakin elçinin yanında onun hökmdarının adına yaxşı sözlər demək lazım gəlirdi. Əvvəla xoş niyyətlə gəlmişdi, Şah İsmayılın taxta çıxmağını, qələbələrini təbrik etmək üçün onları Hüseyn Bəyqara və Mir Əlişir göndərmişdi.

Burada eyni zamanda siyasi məqsədlər vardı. Həmin mətləbləri Şah İsmayıl çox yaxşı başa düşürdü. Teymur nəsli parçalanmışdı. Səmərqənd hakimi olan Məhəmməd Zahirəddin Baburu Dəşti qıpçaqdan gəlmiş Şeybani xan vətənindən didərgin salmışdı. Çox qüdrətli sərkərdə olan Şeybani xan bir tərəfdən səfəvilər, o biri tərəfdən Hüseyn Bəyqara ilə üz-üzə dayanmışdı. Geç-tez onların hər ikisi də onunla üz-üzə gəlməli, baxtlarını sınamalı olacaqlar. Elə bu səbəblərə görə birləşmək, Şeybani xana qarşı müştərək hərəkət etmək lazım gələcəkdi. Düzdür, elçi hələ bu barədə bir gəlmə də eşitdirməmişdi. Yəqin həmin söhbəti ikilikdə edəcəkdilər.

Kitabları aparandan sonra elçi Məhəmmədcan ağa dedi:

– Böyük sultan Hüseyn Bəyqara cənabları Şah İsmayıl Xətainin aşıqları çox sevdiyini bildiyindən bir dəstə aşıq göndərib. Bizim aşıqların da oxumağına qulaq assanız özümüzü xoşbəxt sayarıq.

Başına ağ çalma bağlamış, əyninə çapan, ayaqlarına məst geymiş aşıq meydana çıxdı. O, qopuz çalıb oxumağa başladı. Amma onun çalmağı və oxumağı Şah İsmayılın xoşuna gəlmədi. Huseyn bəy Lələyə dedi:

– Bunu yığışdırın.

– Şah sağ olsun, varını verən utanmaz. Onlardakı aşıq da budu. Xoşuna gəlməsə də, qulaq asmalısan. Yaxşı düşməz. Sultanın xətrinə dəyər.

1.«Şeyx Səfi» xalçası – Azərbaycan xalçaçılıq sənətinin incisidir. İndiyə qədər ona bərabər xalça toxunmamışdır. İngilislər İrandan bu xalçanı min bir hiylə ilə aparmışlar. İndi Londondakı «Viktoriya və Albert» muzeyində saxlanılır.
2.Sentyabr-oktyabr 1503-cü il
3.Fateh II Məhəmmədin oğlu Sultan Cem 1489-cu ildən 1495-ci ilə qədər Avropada əsarətdə olmuşdu.
4.Qulac (qolac) – xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. Açıq tutduqda sağ əlin baş barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görürülür
5.Keyik – dağ keçisi

Bepul matn qismi tugad.

15 527,22 s`om
31 054,44 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
340 Sahifa 1 tasvir
ISBN:
978-9952-8278-7-3
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar