Kitobni o'qish: «Dil hökmdarlığına səyahət»

Shrift:

ELGÜSEL

Dil hökmdarlığına səyahət

I FƏSİL

Odlar yurdu – Azərbaycan!

Deyirlər, Yer planeti 4,6 milyard il bundan əvvəl yarananda xarici görünüşü indikinə heç oxşamırmış. Yerin yaranması haqqında müxtəlif əsatirlər, əfsanələr mövcuddur. Bizimsə ulu baba-nənələrimizdən eşitdiklərimiz fərqlidir. Dildən-dilə keçərək mənə danışılanları mən də sizə danışacağam.

Yer üzü yaranandan hər tərəfdə sakitlik və sükut hökm sürürdü. Sonra səslər yarandı. Təbiət, canlılar, bir sözlə, zaman keçdikcə Yer yaşayış məskəni olaraq insanların da ümumi evinə çevrildi. Səslər insanlar arasında ilk ünsiyyət vasitəsi kimi yayıldı və bütün Yer üzünü bürüdü. Əl-qol hərəkətləri, müxtəlif işarələrlə də insanlar anlaşanda şifahi dil formalaşmağa başladı. İnsanlar şüurun köməyi ilə özlərini vəhşi heyvanlardan qoruyur, yaşamaq uğrunda mübarizə aparırdılar. İnsan övladı qarnını doyurmağa başladığı ilk andan rəqabət yarandı. Od əldə etməyi öyrəndiyi gündən onun olanı qorumaq, dəyər vermək hissləri formalaşdı. Əvvəllər səslə, işarələrlə bir-birini başa düşən insanlar indi qayalar, daşlar üzərində işarə və rəsmlər cızaraq fikirlərini yazı ilə göstərməyə çalışdılar.

Beləcə, elə bir zaman yetişdi ki, müxtəlif dillər yarandığı vaxtda Azərbaycan torpaqlarının səltənətində bütün dillərin hökmdarı Dil məskən saldı. Təbiətinin gözəlliyinə və insanlarının çalışqanlığına heyran olan Dil bir gün bu torpaqlarda olan bütün səsləri hüzuruna toplayıb əmr etdi:

– 40 gün sizə möhlət verirəm! Yer üzünü gəzib dolanın, 40-cı günün tamamında hüzurumda əmrə müntəzir olun, lakin eşidin və bilin! Bu qırx gün müddətində hər səs öz adını tapmalı və onu yazıda görünən etmək üçün işarələməlidir. Əmrimə tabe olmayanların boynu vurulacaq!

Səslər təzim edib hökmdarın sarayını tərk etdilər. Bütün dünyanı gəzib-dolaşdılar. Hər bir səsi diqqətlə dinlədilər. Bəzi səslər asanlıqla tələffüz olunsalar da, bəziləri maneələrlə çətinliklə tələffüz olunurdu. On günün tamamında səslər iki hissəyə ayrıldılar. Asan və rəvan tələffüz olunan səslər sait, tələffüz zamanı maneə ilə üzləşən səslər samit səslər adlandırıldı. Sait səslər adlarını açıq-aydın eşidərək tapdılar. Hərəsinin səsinə uyğun öz adı oldu: [A]; [I]; [O]; [U]; [E]; [Ə]; [İ]; [Ö]; [Ü] – A; I; O; U; E; Ə; İ; Ö; Ü.

Samitlərinsə işi bir az çətin idi. Onlar tələffüz zamanı müxtəlif səslərlə qarışıq səslənirdilər. Neçə gün səslər dincəlmədən, yuxu yatmadan əlləşdilər. 39-cu günün tamamında, axır ki, kar və cingiltili səslərə bölündüklərini anladılar. Tələffüz olunanda da bəzən küyə, bəzən cingiltili səsə çevrilə bildiklərini öyrəndilər…

Vaxt çox az idi. Səslər gecəni səhərə kimi yatmadılar. Sübh açılanda Dil hökmdarının hüzuruna yollandılar. Təzim edib sıra ilə düzüldülər. Dünyadakı bütün səsləri yarandıqları andan tanıyan Dil hökmdarının baş vəziri Fonetika önə gəldi və səslərin adından danışmağa başladı:

– Hökmdarım, ey dillərin bilicisi, uca taxt-tac sahibi, səslər əmrini yerinə yetirərək hüzuruna təşrif gətiriblər.

Dil:

– Buyursunlar, – dedi.

Saitlər önə çıxıb baş əydilər:

– Müdrik və qüdrətli hökmdar, dünyanın dörd bir tərəfini dolaşdıq. Azərbaycan torpaqlarının və burada yaşayan xalqın bütün xüsusiyyətlərini öyrəndik, tanıdıq. Bundan başqa, hər kəsi dinlədik, təbiətdəki bütün səslərə qulaq asdıq. Anladıq ki, tələffüz edilən zaman səslər iki yerə ayrılır. Saitlər və samitlər. Saitlər asanlıqla, heç bir maneəyə rast gəlmədən tələffüz olunsa da, samitlərdə bu fərqlidir. Tələffüz zamanı maneələrlə rastlaşırlar. Biz sait olaraq 9 səs olduq və yazıda da işarələrimiz səslərimiz kimi olacaq.

Saitlər təzim edib yerlərinə çəkildilər.

Samit səslər irəli gəlib baş əydilər:

– Ədalətli və uzaqgörən hökmdarımız, dünyanı gəzib-dolaşdıq, Azərbaycan diyarını qarış-qarış addımladıq. Bəzən küydən, bəzən cingiltili səslərdən ibarət olduğumuzu anladıq. Dil hökmdarına məlum olmamış deyil ki, bəzi səsləri tələffüz edərkən səs telləri qeyri-fəal olur. Bu zaman səslər yalnız küydən yaranır. Bəzilərimizin yaranmasında isə səs telləri və ağızdakı küy də iştirak edir. Belə olduqda cingiltili samitlər yaranır. Hər birimizin adı, yazıda işarəsi artıq məlumdur. Lakin bir fərq var, o da indi söylədiklərimdə olacaq. – Dərindən nəfəs alıb sözünə davam etdi, – Biz samitlər cəmi 25 səsdən ibarətik. 14-müz cingiltili, 11-miz kar səslərik.

Cingiltili: [b], [c], [d], [g], [j], [q], [l], [m], [n], [r], [v], [ğ], [y], [z]

Kar: [p], [ç], [t], [x], [ş], [k], [k’], [f], [h], [x’], [s]

Lakin birlikdə 25 samit səs olsaq da, yazıda 23 hərflə işarə oluna bildik. [X] və [K] hərfləri öz səslərindən başqa daha iki səsi məharətlə ifadə edə bilirlər. Bu səslər [x’] və [k’] səsləridir. [X] səsi həm [x], həm də [x’] – “iyh” səsini verir. [K] isə [ka] səsini verərək [k’] səsini də ifadə edir.

Dil hökmdarı verdiyi əmrin yerinə yetirilməsindən çox razı qaldı. Ayağa qalxaraq bütün səslərin işarələrini tanıdı. Sonra yenə taxtına çıxıb danışmağa başladı:

– Dünyanı dəfələrlə səyahətə çıxmışam. Azərbaycan qədər gözəl diyar görməmişəm. Dil hökmdarı olaraq sizə tapşırdığım vacib işin öhdəsindən məharətlə gəldiniz. Baş vəzirim Fonetika da sizdən yerdən göyə qədər razı qaldı. Bu gündən fərman imzalayıram. Heç kəs, “Eşitmədim, bilmədim, görmədim” – deməsin. Hamı bilsin və agah olsun. – Səsinin tonunu bir qədər də artıraraq əmiranə tərzdə sözlərinə davam etdi, – Dünya dilləri içində yeni bir dil yarandı. Odlar diyarında od kimi isti bir dil. Bu dilə hökmdarlığı özüm edəcəyəm. Sizi isə… ey səslər, bu gündən öz sadiq cəngavərlərim elan edirəm. 25 samit səs, 9 sait səs, 23 hərf və 9 hərf olaraq Dil hökmdarının əsgərlərisiniz. Vətəniniz Odlar yurdu, diliniz Azərbaycan dilidir. Qoy, bu dil, türk dilləri ailəsinin ən zəngin dilinə çevrilsin. Dünya durduqca mən hökmdar, Azərbaycan dili isə hökmran olsun! Yaşasın Dil hökmdarının qüdrətli ordusu!

Əsas və köməkçi nitq hissələri

Əsrlər keçmişdi. Azərbaycan diyarında 6 böyük şahlıq və onlara yaxın yerləşən kiçik ərazilər formalaşmışdı. Kiçik ərazilər şahlıqların əkin-biçin sahələri idi. Bu ərazilər də 6 şahlığın hamısına məxsus idi. Azərbaycanın idarəçisi və böyüyü – Dil bu barədə fərman vermiş, qanun imzalamışdı. 6 böyük şahlığın adı, bayraqları, hərəsinin kiçik ordusu və Dilin qayda-qanunlarına tabe olan ədalətli idarəetmə üsulları var idi. 5 köməkçi ərazi isə 6 şahlıqda yaşayan xalqların rifahına, sülh və əmin-amanlıqda yaşamasına xidmət edirdi.

Ölkədə firavanlıq, bolluq hökm sürürdü. İstənilən şah icazə ilə bu ərazilərdə növbə ilə əkinçilik, maldarlıq işləri ilə məşğul olurdu. Şahlıqların adı bir-birindən fərqli və qəşəng idi. İsim, Sifət, Say, Əvəzlik, Feil və Zərf. Köməkçi ərazilər Qoşma, Bağlayıcı, Ədat, Modal sözlər, Nida. Bu adları şahlıqlara və köməkçi ərazilərə Dil – qocaman hökmdar özü vermişdi. 6 şahlığın sakininin hər il ölkədə keçirilən səsvermədə iştirak hüququ var idi. Onların şahlığında yaşayan hər insanın da öz adı, sözlərin isə leksik və qrammatik mənası olurdu. Bu sözlərin hər biri azad, müstəqil idi. Köməkçi ərazilərin isə qoruyucu sahibləri, sakinlərinin adları olsa da, onların azadlığı şahlardan asılı idi. Bu ərazilərdə yaşayan insanlar əkinçilik, maldarlıqla məşğul olur, şahlıqların əhalisinə kömək edir, onlardan asılı olurdular. Köməkçi ərazilərdəki bütün sözlərin yalnız qrammatik mənası var idi.

İsim

Hə, balaca dostlarım, indi sizə kimdən deyim, kimdən danışım, Azərbaycan torpaqlarında İsim adlı şahlıqdan və onun şahı İsimdən. Dil hökmdarının böyük oğlu İsmin altı oğlu vardı. Bu oğlanların hər biri öz mərdliyinə və cəsarətinə görə seçilirdi.

Adlıq oğlanlardan ən böyüyü və müdriki idi.

İkinci oğlanın adı Yiyəlik idi. Yiyəliyin xoşuna gələn nə vardısa, özününküləşdirməyə çalışırdı.

Yönlük – 3-cü oğul ən çox səyahət etməyi sevərdi. Hər gün qəsrdən çıxar, sadə xalqın içində dolaşardı. Axşamlar saraya qayıdanda gördüklərini qardaşlarına danışar, yeni tanış olduğu bilik və peşələri onlara öyrədərdi.

4-cü oğulun adı Təsirlik idi. Təsirlik kitabları çox sevirdi. Müəllimləri onun çox bacarıqlı natiq olduğunu deyirdilər. Təsirlik danışanda səsinin ahəngindən, seçdiyi gözəl sözlərin təsirindən hər kəs diqqətlə onu dinləyirdi.

5-ci oğul Yerlik ölkənin hər yerində baş verən hadisələrdən xəbərdar olmağı sevirdi. Harada, kimdə, nədə nə yenilik olsa, hər kəsdən qabaq orada olmağa, bilməyə can atardı.

Sonuncu, ən balaca 6-cı oğul Çıxışlıq idi. O, hamıdan balaca olsa da, hər kəsə kömək etməyə çalışar, bütün çətin vəziyyətlərdən çıxış yolu tapar, müdriklərlə məsləhətləşərdi.

Dil hökmdarının oğlu İsmin sehirli gül bağçası var idi. İsim hər zaman şah olmağına baxmayaraq oğlanlarını başına toplayar, bu sehirli bağçada çalışardılar. Beləcə, bağçasının sehrindən və bağçada olan söhbətlərdən şahlıqda heç kimin xəbəri olmazdı.

Bir gün şah oğlanlarına xüsusi nökərlər vermək istəyir. Onları hüzuruna çağırtdırır. Birinci böyük oğul gəlir. Atasının qarşısında təzim edərək heç bir nökər istəmədiyini və bütün işlərini özü görmək istədiyini bildirir. Atası oğluna:

– Sən şahzadəsən. Nökər ağasına köməkdir, – deyir.

Adlıq gülümsünərək:

– İnsanın köməyi də, nökəri də, ağası da özüdür, şahım, – deyir.

Şah bu sözlərdən sonra böyük oğluna heç nə demir.

İkinci oğul Yiyəlik də atasının qarşısında təzim edir və deyir:

– Ata, mənə dörd nökər ver. Onların adları In, İn, Un, Ün olsun. Atası təəccüblə oğluna baxıb soruşur.

– Niyə, oğlum? Bu adlar qəribə gəlmirmi sənə?

Yiyəlik gülərək sözünə davam edir:

– Əsla yox, atacan. Sahiblənmək gözəl hissdir. İnsanı güclü edir. Sarayın qapısı, həyatın mənası, atanın oğlu olması kimi. Yiyəsi, sahibi olmayan hər şey ortalıqda məhv olar.

Şah oğluna dörd nökər verilməsini əmr edir. Yönlük atasının hüzurunda təzim edərək onu salamlayır:

– Atacan, bilirsən, hər gün ətrafdakı torpaqlara, kəndlərə, meşələrə, başqa şəhərlərə səyahət etməyi, sadə insanlarla, tacirlərlə, müdriklərlə söhbətləşməyi çox sevirəm. Səndən cəmi 2 nökər istəyəcəm. Bu nökərlərin adını “A” və “Ə” qoyacam. A adlı nökərim mənə anamı və səni, Ə adlı nökərim həmişə ədalətli olmağı xatırlatsın. Çünki ata-anaya, ana vətənə qoyulan hörmət insana hər zaman ədalətli olmağı öyrədir. Şah bu oğlunun da sözlərinə sevinib ona iki nökər ayırır.

4-cü oğul Təsirlik irəli gəlir:

– Qoy, nökərim Azərbaycan torpağında onun ana dilində olan hərflərdən 4-ü ilə adlansın. Atacan, mən də 4 nökər istəyirəm. Anam mənə həyat verib. Ana dilimizdə olan bu hərfləri çox sevirəm.

Şah oğlundan soruşur:

– Bu hansı hərflərdir?

Təsirlik təzim edir:

– I, İ, U və Ü.

– Niyə bu hərfləri seçirsən?

Təsirlik başını qaldırmadan əlini sinəsinə qoyub danışmağa başlayır:

– Qibleyi-aləm, əziz atam, dilimizdə “I” hərfi ilə başlayan söz yoxdur, nökərimin adı olsun. Çünki nökər sədaqəti ilə ağasının kölgəsi ola bilər. Mənim olmadığım yerdə adımı qoruyub saxlaya bilər. “İ” hərfi ona görə ki nökərin ən əsas vəzifəsi itaət etməkdir. Qoy, ikinci nökərim hər istəyimi və əmrimi itaət edərək sorğu-sualsız yerinə yetirsin, “U” ona görə ki, bu nökərim mənə ən çox sevdiyim göy cismlərini xatırlatsın. Nə qədər zirvələrə qalxsam da, mənə xatırlatsın ki, göylər qədər ucalıqda ulduzlar qədər gecəni işıqlandıra biləcək gücə sahib deyiləm. Dördüncü nökərimsə “Ü” olsun. Onu belə çağıracağam. Həyata insanı bağlayan ürək kimi daim çalışmaq lazım olduğunu xatırlatsın.

Atası oğlunun istəklərini qəbul edərək ona da dörd nökər verir və adlarını da “I”, “İ”, “U”, “Ü” qoyur.

Yerlik önə gələrək qardaşlarını və atasını salamlayır. Təzim edərək şahın qarşısında diz çökür və danışmağa başlayır:

– Qibleyi-aləm, mənə iki nökər kifayət edər. Adları da “Da” və “Də” olsun.

Şah 5-ci oğluna diqqətlə baxıb səbəbini soruşur.

Yerlik başını qaldırmadan davam edir:

– Dağları və dərələri sevirəm. Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Əksər çaylar mənbəyini dağlardan götürür. Səmaya ən yaxın zirvələr dağlardadır. Təpələrsə dağlardan kiçik olan ucalıqlardır. Qoy, nökərlərim mənə hər gün döyüşlərdə, yürüşlərdə qalib gələrək ucalmağa səsləyən torpaqdan uca, göylərdən alçaq olan dağları və təpələri xatırlatsınlar. Unutmayım ki, ucadan uca olmağın sirri təvazökarlıqda, çalışqanlıqdadır. Ən uca dağların başı səmalara çatmağa can atsa da, dayağı torpaqdır. Qoy, torpaqdan güc alım, əziz atam.

Şah bu oğluna da iki nökər verir. Sonuncu, sonbeşik oğul Çıxışlıq içəri daxil olur. Bütün qardaşlarını sevinə-sevinə salamlayır və baş əyir:

– Əziz atam, qibleyi-aləm, sevimli qardaşlarım, sizi çox sevirəm. Hər birinizdən nələrisə öyrənmişəm. Buna görə sizin hər birinizə minnətdaram. İcazənizlə, mən də “Dan” və “Dən” adlarında iki nökər istəyim. Birinci nökərim Dan mənə hər qaranlıq gecənin bir sabahı olduğunu, Dan yeri söküləndə yeni günün və həyatın başlandığını, ikinci nökərim Dən isə hər şeyin toxumdan cücərdiyini daim xatırlatsın. Qoy, səbrim çətinliklərin içində daralıb məni sıxanda Dən toxum kimi torpağa sığınıb cücərməyin möhtəşəmliyindən xəbər versin.

Oğlunun sözləri şahın xoşuna gəlir və əmr edir ki, ona da iki nökər versinlər.

Beləliklə, şah oğlanları ilə ölkəsini idarə etməyə davam edir. İsim şahlar içində ən ədalətlisi olduğuna görə müharibələrə, başqalarının torpaqlarını zəbt etməyə çalışmır. Qərarlar verəndə oğlanları ilə məsləhətləşir, əhvalı pozulub haldan-hala düşəndə hər oğlunu hüzuruna çağırıb söhbət edir.

Oğlanları hər dəfə atalarının hüzuruna gələndə nökərləri ilə birgə gəlir, sehirli bağçalarında işləyəndə isə nökərlərinə dincəlməyə izn verirlər. İndiyə kimi də şahın oğlanları ilə o sehirli bağçada nədən söhbət etdiklərini bilən yoxdur.

Sifət

Sifət şahlıqlardan ən rəngarəngi idi. O, Dil hökmdarının iki qızından birincisi, böyüyü idi. Onun torpaqlarında gözəlliklərə tamaşa etməkdən doymaq olmurdu. Bu şahlıqda hər kəsə iki şeyə görə dəyər verilirdi. Biri daxili, digəri xarici əlamətlərə görə. Şahzadə Sifət əmin idi ki, insanın xarici görkəmi qədər, onun daxili aləminin, keyfiyyətlərinin vacibliyi gözlə görünə bilən üstünlükləri qədər əsasdır. Hətta şahlığın bütün alim və müəllimlərinə tapşırıq verilmişdi ki, insanlarda olan keyfiyyətləri müqayisə etmək, fərqləndirmək üçün müqayisə dərəcələri müəyyən etsinlər. Hər şeydə üstün olmağa çalışan Sifət ölkəsində məktəblər açdırmışdı. Bu şahlıqda dünyaya gələn hər uşaq böyüyüb səlis danışmağı öyrəndikdən sonra məktəbə gedirdi. Bu məktəblərdə balacalara əlamətlərin “necə”, “nə cür”, “hansı” suallarına cavab verdiyini, daha çox çalışmağı, rəngləri, dadları, keyfiyyətləri, görkəmi, əşyaların formasını, həcmini izah etməyi öyrədirdilər. Məktəblərdə siniflər üç hissəyə bölünmüşdü. Adi, azaltma, çoxaltma dərəcəsinə görə bölünən bu siniflərdə şagirdlər bilik və bacarıqlarına görə fərqlənirdilər. Bu məktəbləri bitirən ən bacarıqlı aşpazlar hökmdarın, onun övladlarının saraylarına göndərilirdilər. İstedadlı rəssamlar ölkələri gəzərək azad yaşayır, Dil hökmdarının və şahlıqlarının şöhrətlərini təsvir etdikləri əsərlər vasitəsilə dünyaya göstərir, öz ölkələrinin fəxri olurdular. Dünyada ən böyük muzeylər Sifətin şahlığında yerləşirdi. Cəsur, qorxmaz, cəsarətli, cüssəli, boylu-buxunlu, ağıllı, tədbirli, hiyləgər şagirdlər məktəbi bitirib ordu sıralarında xidmət edirdilər. Onlar altı şahlığın – Dil diyarının əsgərləri olurdular. Gümrah, çalışqan, uzaqgörən şagirdlər dünyanın ən yaxşı tədris mərkəzlərində təhsillərini davam etdirib Dil səltənətinə geri dönər, bu ölkələrdə şahlara məsləhətçi kimi qulluq edirdilər.

Hökmdarın və övladlarının bağbanları, bostançıları da Sifətin məktəblərini bitirən şagirdlər idi. Bir sözlə, bu məktəblər Azərbaycan diyarının ən tanınmış məktəblərindən idi.

Sifət bacı-qardaşlarının içində ən çox İsmi sevirdi. Tez-tez onun sarayına baş çəkər, hal-əhvalını soruşardı. Sifət İsim şahlığına qonaq gedəndə xalq:

– Sifət ən çox sevdiyi qardaşıgilə İsimləşməyə gedib, – deyərdi.

Qardaşının dərdlərinə ortaq olan bacı öz səltənətində baş verənləri də qardaşı ilə bölüşər, məsləhətləşərdi. Gedəndə qardaşını öz ölkəsinə qonaq dəvət edərdi. İsim də hərdən sevimli bacılarından birinə qonaq gedəndə onun xalqı:

– İsim Sifətləşməyə gedib, – deyərdi.

“Xalqın gözü tərəzidir”, – deyib dədə-babalarımız. Bu dəfə də xalq səhv etmirdi. Sevimli şahların bir-birinə qonaq olduğu zamanlarda Sifət İsmə bənzəməyə, onu yamsılamağa necə çalışırdısa, İsim də Sifətin xüsusiyyətlərini öz davranışlarında təqlid edirdi. Bacı və qardaş bir-birinə qonaq gəlməmişdən öncə yollara rəngli çiçəklər səpilir, şeypurlar çalınmağa başlayırdı. Bu gün də yollara səpələnmiş çiçəklər görəndə, şeypur səsləri eşidəndə hər kəs Sifətin İsmə, ya da İsmin Sifətə qonaq getdiyini anlayır.

Say

Say Dil hökmdarının 3-cü övladı, 2-ci oğlu idi. İti zəkası, mükəmməl savadı ilə seçilirdi. Dəqiq elmlərə uşaqlıqdan marağı var idi. Hər şeyin miqdarını, sırasını bilməyi çox sevərdi. Buna görə də atası Dil onu yeni biliklər qazanmaq üçün yunan riyaziyyatçısı Pifaqorun yanına göndərir. Pifaqorun sevimli şagirdinə çevrilən Say riyaziyyat elminin sirlərini öyrəndikdən sonra Vətəni Azərbaycana geri dönür. Gəlişi ilə ölkəsinə dəqiqlik gətirir. Əhalinin hamısını siyahıya alır. Beləliklə, Dil öz səltənətində hər şeyin dəqiq sayını bilir. Say öyrəndiyi elmləri bacı-qardaşları ilə bölüşərək onların da hesab-kitab işlərində bir sahman yaradır. Sıra və miqdar anlayışını ölkəsində hər kəsə tanıdır. Şahzadə Sayın şərəfinə bütün rəqəmlərin Dil hökmdarına məxsus olan səltənətlərində say adlandırılması əmr olunur. Daha sonralar şahzadə Say miqdar anlayışını da üç hissəyə bölərək xalqına öyrədir. Dəqiq sayı məlum olanları müəyyən miqdar sayları, dəqiq sayı məlum olmayan hər şeyi qeyri-müəyyən miqdar sayları, tam, bütöv hissənin parçalanmasından yaranan sayları isə kəsr sayları adlandırır. Say da böyük bacısı Sifət kimi qardaşı İsmi çox sevir. Sifət İsmə qonaq getməyi xoşladığı kimi Say da İsmin sarayına tez-tez baş çəkərdi. İsim də böyük qardaş kimi onu hər dəfə görəndə çox sevinər, işlərinin çoxluğundan gileylənər, Sayın sarayına gələ bilmədiyi üçün üzr istəyər, saysa ondan incimədiyini və onu dünyalar qədər sevdiyini hər dəfə təkrar edərdi.

Bepul matn qismi tugad.

15 967,45 s`om
31 934,89 s`om
−50%