Kitobni o'qish: «Yurdunu itirən adam»

Shrift:

Çingiz Dağcı

Yurdunu itirən adam

roman

I

Roma

03.09.1946

İki həftədir ki, həkimsiz yaşayıram. Həkimin “Mənsiz yaşamağa öyrəşməlisən” dediyi gündən bəri özümü daha miskin və halsız hiss edirəm. Bu, təkcə halsızlıqdırmı? “Nədənsə qorxmusan; canında gizli qorxu var, niyə qorxduğunu tapsaq, səni o qorxudan xilas edərik” – deyə həkim bildirmişdi. Nə vaxt, niyə qorxduğumu bilmirəm. Başımasa nə həkimin köməyi dəyə bilər, nə də başqa bir çarə tapılar. Buna əminəm. Daha doğrusu, buna yavaş-yavaş əmin oldum. Mən həyatın özündən qaçıram – çöldəki həyatdan – insanlar mənim üçün heç bir şey ifadə etmir. Mən onlara aid deyiləm. Bəs, məni onlardan ayıran nədir? Bunu nə mən, nə də həkimim bilir. Həyatda sığınacaq tək yerim var, o da “Xatirələr”dir. Bəs, bu xatirələrimi yazıb qurtarsam, onda necə olacaq?! Yenə də həkimin yanına getmək istəyirəm. Bəlkə, qorxumun səbəbini tapar, məni xilas edər; mən də yenə əvvəlki Sadıq Turan olaram.

04.09.1946

Dünən səhər tezdən həkimin evinə getdim. Yox idi. Bir saat dəhlizdə gözlədim. Gəlmədi. Mən də çıxdım. Küçədə görərəm deyə, günortaya qədər evinin qarşısında gəzişdim. Saatlar keçib getmək bilmirdi! Otelə qayıtdım, nəhayət, otağımın qapısını bağlayıb, göz yaşları içində həkimin məni görmək istəmədiyini anladım.

Bu halım axşama qədər davam etdi. Sonra əhval-ruhiyyəm dəyişməyə başladı. Çöldə Roma küçələri axşamın alatoranına və sərinliyinə bürünürdü. Uşaq kimi dərdimi yaddan çıxardıb, anidən daxilimdə bir sevib-sevilmə ehtiyacı duydum. Birdən-birə həyatın bütün dərd-sərini və qorxularını unudaraq, mən də çölə – küçələrə çıxıb, gülən, həyatdan zövq alan insanlardan biri olmaq istədim.

Deməli, həkim haqlı imiş. Gözlərimi açan, həyatı olduğu kimi göstərən dəqiqələrim yox deyilmiş.

Bəli, dünən axşam həyat məni beləcə qucaqladı. Otel otağından çıxmağa qərar verdim və əməl etdim. Küçələrdə qara, yağlı saçı, əlini-qolunu yelləyə-yelləyə danışan italyanlardan biri kimi məqsədsiz, həm də qorxusuz formada şəhərin mərkəzinə tərəf addımladım. Hətta körpünü də qorxmadan, titrəmədən keçdim. Bundan sonra başım nə qədər ağrısa da, vecimə almayacaq, hamı kimi yaşayacağımı, dünyanı olduğu kimi qəbul edəcəyimi öz-özümə söz verdim.

Şəhərin mərkəzinə yaxınlaşırdım. Küçə lampalarının işıqları altında gənc nərmə-nazik xanımlar qol-qola keçib gedirdilər. Bəzən qaranlıq künc-bucaqlardan gecə dünyasının növbətçi cinləri kimi, ağappaq dişli, qırmızı dilli, zənci amerikan əsgərləri çıxırdı.

Topa-topa qızların, gənc əsgərlərin gəzişdiyi geniş bir meydana çatdım. Yaxınlıqdakı bağçalı restorandan musiqi səsi gəlirdi. Bağçaya tərəf addımladım: burada daha çox uniformalı gənclər gözə dəyirdi. Ağaclardan sallanan lampaların işığında gənc oğlanlar qızlarla rəqs edirdilər. Bir müddət taleyindən küsmüş kimi, kənarda dayanıb rəqs edənləri seyr elədim. Bağçadan çıxmaq istəyərkən, iki ingilis əsgərinin qolları arasında incə bir səsin hayqırtısını eşitdim. Səs bir qızdan gəlirdi. Qısa boylu, almaz kimi parlaq, qırmızı yanaqlı, qara saçlı, incə belli bir qız idi. Sərxoş əsgərlərin hərəsi qızı bir tərəfə dartışdırırdı. Ətrafındakılar qəhqəhə çəkərək onları izləyirdi. Mən də bunun təkcə əyləncə tərəfini görüb gülürdüm. Bir az sonra qız əsgərlərin qollarından canını xilas edib, yanıma gəldi. Məni əvvəlcədən tanıyırmış kimi üzümə baxaraq, əlini yellədi:

– İngilisi gördün?! Pulu var deyə, zorla rəqs etmək istəyir mənimlə! Mən sənin pulunu…

Deyəsən, məni italyanlarla səhv salmışdı. Odur ki, gah mənə, gah da ingilis əsgərlərinə baxaraq avtomat kimi, dayanmadan italyanca deyinirdi. Mənsə susurdum. Qız yavaş-yavaş gəlib düz qarşımda dayandı. Sakitləşmiş kimi görünürdü.

– Döyüşdə qələbə çaldıq deyə, lap ağını çıxardıblar. Ağıllarına gələni etmək istəyirlər, – deyə axırıncı dəfə deyindi.

Cavab vermək istəyirdim ki, birdən kim olduğumu, keçən il Tirolda əynimdən çıxardıb çaya atdığım uniformanı xatırlayanda ürəyim sıxıldı və təkcə bunu deyə bildim:

– Onlar əsgərdi… Sadəcə bir az əylənmək istəyirdilər.

– Almanlar da əsgər idilər. Onlar da əylənmək istəyirdilər. Amma əyləncə üçün neçə-neçə canı qurban etdilər!

– Bunu edənlər ancaq almanlardı, sinyorina…

– Bəs bunlar? Guya bunlar mələkdi? Ah, düzdü, bunlar o qədər zalım deyillər, amma mən uniformalı adamları heç sevmirəm!

– Doğrudan?

– Hə, sevmirəm. Olmaya, siz də əsgərsiniz?

– Yox, yox.

– Hər halda, siz də əsgərlikdə olmusunuz, elə deyil?

Bir anlıq nə deyəcəyimi bilmədim. Bir müddət ürkmüş üzümü gizlətməyə çalışdım.

– Amma yox, siz əsgərə oxşamırsınız.

Onun bu sözləri və gözlərindəki məsum parıltı xoşuma gəldi. Güldüm:

– Yox, mən əsgərlikdə olmamışam.

– Bax, bu gözəl oldu… Deyəsən, heç italyan da deyilsiniz.

– Yox.

– Onda fransızsınız.

– Yox.

– Polşalı… Çex?

– Bu dəfə də düz tapmadınız.

– Eee, nə fərqi var ki, italyanlar kimi qarayanızsınız da. Mənimlə rəqs edərsiniz?

Körpə vücudunun bütün yuvarlaqlığıyla qollarımın arasında sinəmə qısılarkən, dünyaya yenidən gəldiyimi hiss etdim. Ömrümün bütün keçib-gedən günlərinə, onunla bərabər bütün qorxularıma bir təpik vurub kənara tolazladım.

Dilim söz kəsmirdi. Elə bilirdim, danışsam, canımı yenidən bürüyən bu həyat eşqi qəfildən uçub gedəcək. Ağzımı açmağa cəsarətim yox idi. Rəqs edərkən balaca başını sinəmə söykəyərək incə səslə soruşdu:

– Evlisən?

Bir az özümdən danışdım. Dediklərimlə maraqlanırmış kimi üzümə baxırdı.

Saat düz onda restoran bağçasından çıxıb tənha, kimsəsiz, qaranlıq bir küçədə qol-qola, bəzən bir-birimizin əlini, barmaqlarını sıxaraq gəzişdik. Yolda mənə adını dedi: Anna imiş. Yenidən görüşməyə razılaşdıq: bu bazar görüşəcəkdik. Onu yaşadığı evə qədər ötürdüm. İncə vücudu qapının arxasından yox olana qədər üzümdəki uşaqcasına təbəssümlə onu izlədim.

Otel otağında yenə tək-tənha qalmışdım. Amma ürəyimdəki tənhalıq hissinin yerində mənə sevinc və mənəvi rahatlıq gətirən bir duyğu vardı. Sanki ömrüm boyunca yaşadığım bütün baharların ətri otağıma dolmuşdu. Dünən həkimin evinin qarşısında var-gəl edən Sadıq Turanla indiki Sadıq Turanı bir-birindən qərinələr, əsrlər ayırırdı. Tavandan sallanan lampanın işığında qaçıb dolabda gizlənmiş “Sadıq Turanın xatirələri” – keçmiş barəsində düşünürdüm. Gözümü yumub gələcək günləri xəyal edirdim. Oturub yeni romanımı yazmaq istəyirdim. Açıq pəncərədən gecənin tilsimli ənginliyinə baxaraq, bazar gününü, eləcə də incə donunun içərisində gənc, həyat dolu, qara saçları çiyinlərinə tökülmüş Annanı gözləyirdim.

07.09.1946

Sevincim qısa çəkdi. Mənim üçün həyat köhnə ağrıları ilə yenidən başladı.

Nəhayət, bazar axşamı yetişdi. Bağçalı restorana getdim, amma Anna yox idi. Gözlədim, gəlmədi. Gecə yarısına qədər küçələrdə sərxoş əsgərlərin arasında Annanı axtardım. Küçə lampalarının işığında hər gördüyüm incə belli qadını Anna ilə səhv saldım. Əsl Anna isə heç yerdə yox idi. O, məni aldatmışdı. Taleyim kimi Anna da dəcəl küçə uşağının kor dilənçinin qabına pul əvəzinə, daş qoyması sayaq məni aldatmışdı.

Artıq adamlar qaranlıq dalanlardan qarşıma çıxaraq, qara damların nohurlarından əyilərək, qadınlar sərxoş əsgərlərin qolları arasından dil çıxardaraq, əllərini qulaqlarının dibinə qoyub qəhqəhə çəkərək mənə gülürdülər. Artıq Annanı axtarmırdım. Axtarmayacaqdım da. Mən onlardan biri deyildim. Qarşılaşsam da Annaya inanmayacaqdım. Həmin axşam mənə nə olmuşdu? Kim idim mən? Xilaskarımı tapmış kimi Annanın arxasınca sürünüb ayaqlarından öpməyə hazır idim. O, kim idi? Bəlkə də, sərxoş əsgərlərin artığı – iylənmiş ət parçası! Dənizə düşən saman çöpündən yapışarmış. Mən də ona bel bağlamışdım. Amma bir ilan kimi qollarımın arasından sivrilib qaçmışdı.

09.09.1946

Bu gün səhərdən axşamacan otağımdan çıxmadım. Annanı düşünürdüm. Annanın ürəyimdəki yerini Mariya doldurdu. Əsl yerini tapdı. “Xatirələr”i əlimə alan kimi yenə Mariya yadıma düşdü. Bir il əvvəlki kimi bu gün də Mariyanın məni qoyub getdiyi yerdəydim. Artıq həsrətdən başqa bir şey görməyəcəkdimsə, onda qoy Mariya – yazıq Mariya son xatirəm olsun!

Artıq həkimi də, Annanı da, Romanı da yadıma salmamağa çalışrdım. Krımdan çıxıb Rusiyaya qayıtdıqdan sonrakı günlərimin, Mariyanın xatirəsi ilə yaşamaq istəyirdim. Yenə “Xatirələr”imə qayıdırdım.

1942-ci ilin yazında Almaniya ordusunun tərkibində türk əsilli əsirlərdən Türküstan legionu yaradılmış, biz də yenidən əsgər olmuşduq. Alman uniforması ilə vəziyyətimiz həm gülməli, həm də ağlamalı idi. Amma biz bunu nə duya, nə də bu barədə düşünə bilirdik. Qarşımızda açılan ümid qapısının mənzərəsi bir illik əsirlik xatirələrimizi unutdurmaq gücünə malik deyildi. Odur ki, ilk həftələrdə almanlara qorxuyla baxmaqdan heç cür əl çəkə bilmirdik. Bu qorxumuz alman zabitlərinin gələcək Türküstan ordusunun özəyi olduğumuzu tez-tez təkrarlamağıyla yavaş-yavaş azaldı. Gələcəkdə, həqiqətən, Böyük Türküstan ordusuna qatıla biləcəkdikmi? Bunu bilmirdim. Amma Türküstan istiqlaliyyəti – bu ümid və arzu ürəklərimizi günbəgün, saatbasaat artan həyəcanla döyündürməyə, yaxşılıq və fədakarlıqla doldurmağa bəs edirdi. Hər bir millət azadlığını əldə etmək üçün döyüşür; hamı qan tökərək haqqını alarkən biz niyə bu yolda addımlamayaq?! Hər səhər təlimə çıxmamışdan qabaq tabordakı axundlarımız bizə moizə oxuyur və nəsihətlər verirdi. Bu axundlar köhnə mollalara bənzəmirdilər. Onlar otuz beş yaşında, saçı-saqqalı təraşlı, uniformalarının yaxasında ay-ulduz olan, döyüşlərdə iştirak etmiş, bəlağətli nitqə sahib din adamları idi. Bizim kimi əsrlərdi əzilmiş insanlara da belə din adamları lazımdı. Bir neçə ay sonra Ukrayna ovalarında şəhid olmuş dostlarımızın başdaşısız məzarları önündə diz çökərək, başlarının üstündə vıyıldayan güllələri, partlayış qəlpələrini veclərinə almayaraq “Yasin” oxuyarkən, bunu bir daha sözün əsl mənasında sübut etmişdilər.

– Uniformalarınızın qol manjetlərinə baxın! – deyirdilər.

Uniformalarımızın qolunda üç ağ Səmərqənd məscidi, ətrafında “Allah bizimlədir” sözləri toxunmuşdu.

– Məscidlərimizi Allaha küfr edən rus kafirlərindən xilas edəcəksinizmi?

Hamımız bir ağızdan cavab verirdik:

– Xilas edəcəyik!

Qırx ildə bir qardaşlarımızdan hansısa səhvən və yaxud huşsuzluqdan rusca bir söz işlətsəydi, onlar inciyər, dərhal da etiraz edərdilər.

Bəli, biz yaranacaq Türküstan ordusunun özəyi idik. Buna yavaş-yavaş inanırdıq. Daha da böyüyəcəkdik. Bir qarış da olsa, vətən torpağına yiyələnəcək, qanadlarımızı məmləkətin üstünə qartal kimi gərərək, milləti yenə Türküstan sahibi edəcəkdik.

Əsir düşərgələrindən hər gün yeni əsirlər çıxarırdıq. Kiçik Lejyonovada Səmərqənddəki qədər adam vardı. Min, beş min, on min, iyirmi min, otuz min… Ordunun üç ay ərzində üç yüz min nəfərə qədər çoxalacağını deyirdilər. Hər gün aramsız təlimlər keçirdik. Lejyonovanın küçələri səhərdən axşama qədər yerləri titrədən ayaq səsləri, minlərlə ağızdan çıxan “can qurban sənə Türküstan!” hayqırtıları ilə inildəyirdi.

Yerli xalq qorxu içində idi. İllərdi sülh və sükut içərisində yaşamış bu insanlar nələr görmür, nələr eşitmirdi?! “Türküstan” nə deməkdi? Bu söz onlara heç nə ifadə etmirdi. Bizim monqol olduğumuzu zənn edirdilər. Biz onlar üçün anidən, yerin dibindən çıxmış təəssüratı yaradırdıq. Bax, beləcə, hamımıza təəccüblə baxırdılar. Bir tərəfdə səssiz-səmirsiz bir bağçanın ortasındakı kilsə zəngi qorxurmuş kimi ağır-ağır, qəribə bir tonda çalınırdı. O kilsə bizim də əzabın övladları olduğumuzu bilmirdi.

Həftələr, aylar keçib-gedir, təlimlər davam edirdi. Silah təlimi, gecə hücumu, müdafiə, əlbəyaxa döyüş… Hamısı istiqlal, hamısı Türküstan üçün idi…

Birinci bölüklər hazır idi. Stansiyalara üz tutmuşdular. Yollarda əsgərlərin ayaq səsləri gəlirdi. Qatarlara minirdilər. Heç kim danışmırdı. Sükutu dəmirlərin bir-birinə dəyməsi pozurdu. Onlar hazır idilər. Onlar milləti xilas etməyə gedirdi. Daha burada nə işləri qalmışdı ki? Sabah odun-alovun içinə girib, bizim üçün məmləkətə tərəf yol açacaqdılar.

Bəlkə də, məmləkətin sərhədlərinə çatmamış bir çoxu şəhid olacaqdı. Heç eyib etməz! Onsuz da hamısı Türküstan üçün deyildimi? Türküstan yenə bizim olacaqdı. Torpağı, daşı, havası, suyu, səması, məscidləri – hər bir nöqtəsi bizim olacaqdı. Bundan sonra bizim üçün yalnız iki müqəddəs söz vardı: Türküstan və istiqlaliyyət! Bu yolda, bu müqəddəs qayə uğrunda son damla qanımızı belə axıdacaqdıq. Burda ölənlər xoşbəxt olacaqdılar, çünki həyatda qalanlar onların xatirələrini əziz yurda aparacaq və orada yaşadacaqdı.

Bunları fikirləşərək, bu hislərə bürünərək uniformalarımızı geyindik.

İki həftə ərzində heç bir iş görmədik. Uzun boylu, sarışın, ilk baxışdan quru adam təsiri bağışlayan, sanki xəstəymiş kimi ağarmış tatar çavuş bizi hər səhər sıra ilə düzüb legionda tabe olacağımız nizam-intizam qaydalarını izah edirdi:

– Bölündükdən sonra axşamlar şəhərə icazə alıb düşəcəksiniz. Şəhərdə gözəl madmuazellər heç də az deyil. Amma baxın ha, bura sevgi qripinə yoluxmuş formada qayıtmayın. Qrip olsanız, sizi əvvəlcə xəstəxanaya, sonra da həbsə göndərəcəm.

Bunu hər səhər təkrarlayırdı. Sonrasa yatdığımız binanın içini, ətrafını təmizləyir, uzaqdan – təlimdən qayıdan əsgərlərə tamaşa edir, ya da Akasiya ağacının kölgəsində uzanıb bölüklərə bölünməyimizi gözləyirdik. Günlərin bir günü tatar çavuş yanında katiblə gəldi. Hamımızın adını, Qızıl Ordudakı rütbəmizi yazdı. Bilmirəm niyə, rütbəmi əsgər kimi yazdırdım. Bəlkə də, ətrafımdakı dostlarımın mənə başqa gözlə baxmağını istəmədiyim üçün, bəlkə də, artıq əvvəlki Sadıq Turan olmadığım üçün.

Adlarımız yazılandan dərhal sonra bölüklərə ayrılacağımızı düşünsək də, boş və mənasız həyatımız bir həftə də davam etdi. Tatar çavuş hər səhər gəlib bizə almanların əsiri olduğumuzu unutmamağımızı, bir az da güclü-qüvvətli olmağa çalışmağımızı deyirdi.

Nəhayət, bir axşamüstü bir alman zabitlə səkkiz-on nəfər türküstanlı gizir gəldi. Gizirlər kazarmaya girərək qışqırdılar:

– Çölə çıxın, haydı, çölə!

Gizirlər çox amansız görünürdülər. Onlardan biri dilləndi:

– İki həftədən bəridir ki, qoyun kimi kölgədə yatıb pulsuz çörək yeyirsiniz. Artıq əlimdəsiniz! Görəcəksiniz, bir-bir burnunuzdan necə gətirəcəyəm!

Bəzilərisə lap pis idi, birbaşa söyüş söyürdülər. Nizam-intizam baxımından, bəlkə də, belə etməli idilər. Onsuz da əsgərlik bizim üçün yeni bir şey deyildi. Amma gizirlərin gözlərindən təlimlərin necə keçəcəyi hiss olunurdu.

Binanın qarşısında düzüldük. Adlarımız oxundu. Manqalara bölündük. Ağsaqqal Huşnudla eyni manqaya düşmüşdük. Hələ də əsir olmadığımıza inana bilmirdik. Buna görə də Huşnud bir-birimizdən ayrılmadığımız üçün sevinir, əsirlikdəki kimi əlimdən tuturdu. Zabitin ətrafında düzülən gur səsli, tər-təmiz çəkməli, gümüş toqqalı gizirlərin hansının bizə rəhbər veriləcəyinə baxırdıq. Yanımdakı biri yavaş səslə dostuna dedi:

– Bığı olan özbəyə oxşayır.

– Bizim manqanın da, demək olar, hamısı özbəkdi. Yəqin, bizə düşər.

Huşnud danışan özbəklərə təpindi:

– Ey, zırıldamayın! Özbək, qırğız nə fərqi var?! – demişdi ki, bir əl çiynimdən tutdu. Başımı arxaya çevirdim. Bir anlıq bu boyda dünya mənə dar gəldi. Qarşımda bir il əvvəl Aleksandrovka körpüsü yaxınlığındakı döyüşdən əvvəl tapıb-itirdiyim Qılıncbay dayanırdı. Rəngi bir az solğun idi, gözləri gizli-gizli, mənalı-mənalı parıldayırdı. Əli çiynimdə danışmağa başladı. Sanki kim olduğunu deməyimi gözləyirdi.

– Səninlə Krasnoyedə tanış olmuşduq. Leytenant Süleymanın bölüyündəydin, hə?

Cavab vermədi. İnsanları kimliyindən, necəliyindən, irqindən, rəngindən, sinfindən asılı olmayaraq sevirəm. Amma bilmirəm, niyəsə bu dəqiqələrdə Qılıncbayla aramda qəlbimlə duya bilmədiyim, gözəgörünməz bir şey məni geri itələyir, ondan uzaqlaşdırırdı. Bir az arxaya çəkildi. Sinəsində, düymə deşiyi ilə cibi arasından asılmış gümüş zəncirini əlinə götürüb, məni, ağsaqqal Huşnudu və digərlərini sərt baxışla təpədən-dırnağa qədər süzdü, sonra heç nə demədən alman zabitinin yanına getdi.

Ağsaqqal Huşnud məndən soruşdu:

– Tanıyırsan?

– Deyəsən.

Qılıncbayı Krasnoyedə Süleymanın toplarından yüz metr aralıda, tarlada tapmışdım. Ancaq indi onun yalnız xarici görünüşü Qılıncbay idi. Daxilini hələ tam ayırd edə bilmirdim.

Mən fikrə gedərək qarşımdakı Qılıncbaya baxıb, “Əvvəlkidirmi, yoxsa yox?” – deyə düşünərkən, başqa manqalar bölüklərə ayrılmış, meydanda təkcə biz qalmışdıq.

Huşnud dedi:

– Bax, Sadıq, o adam bizə tərəf gəlir. Deyəsən, bizi onun manqasına verəcəklər… Özü də xeyli zabitəli adama oxşayır, e!

Huşnudun sözü ağzından çıxmışdı ki, uzaqdan bir səs əmr verməyə başladı:

– Sağa-a-a-a dön!

– Sola-a-a-a dön!

Qılıncbayın səsi sərt və kəsik-kəsik gəlirdi:

– Manqamda ana uşaqlarını istəmirəm. Əsgər kimi dayanın, yoxsa hamınızı bölüyə dördayaq apararam.

Bizi bölüyə apardı. Binanın qarşısında bir neçə dəfə də sağa-sola döndərdi, sonra yanımda dimdik duran ağsaqqal Huşnuda yaxınlaşaraq soruşdu:

– Sən, ağsaqqal! – deyə qışqırdı, – Sağını-solunu bilmirsən? Əsgərlikdə nə iş görürdün? Katib zad idin?

– Yox, cənab gizir, katib deyil… – deyə izah etməyə başlamışdı ki, onun sözünü kəsərək Huşnudun burnuna tərəf barmağını yellədi:

– Mənimlə elə danışma! Qızıl Orduda nə baş verdisə, yaddan çıxart! Bura Qızıl Ordu deyil! Mənimlə necə danışmalı olduğunu sənə öyrədərəm!

Düzdü, bunu Huşnuda deyirdi, amma “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” misalındakı kimi mənə eşitdirirdi.

Həmin gündən sonra həyatımız dəyişdi. Səhər tezdən qalxır, dəhlizdə çavuşun səsini eşidər-eşitməz silahlarımızı götürüb, tez çölə qaçırdıq. Günümüz belə başlayırdı. At üstündə gələn bölük komandirimizin zalım baxışları altında Lejyonovanın küçələrindən keçirdik. Bölüklər tağımlara, tağımlar manqalara bölünür, təlim başlayırdı. Meşənin qaş yerləri, qumluqlar, təpələr əsgərlərlə dolurdu. Bizim manqaya Qılıncbay rəhbərlik edirdi. Səsi, baxışları, hərəkətləri ilə komandirdən daha sərt, daha ciddi görünmək istəyirdi. Mənə elə də çox baş qoşmurdu. Mən də ondan mümkün qədər uzaq durmağa çalışırdım. Söz götürmək istəmirdim. Bu vəziyyətimi təlimlərdə yaxşıca tərləyərək qoruyub-saxlamağa çalışırdım. Deyəsən, ən çox qaçan, əmrə tabe olan da mənim idim. Tağımdan ayrılan kimi Qılıncbay bizi qumluğa aparır, orada qaçırdır, qumluğun axırındakı daşlı-tikanlı təpəni sürünə-sürünə çıxmağımızı əmr edirdi. Bunu bir-iki dəfə yox, ən azı on dəfə etdirirdi; Qılıncbayın təlimindən yarıcan qayıdırdıq.

Bəli, bu adam Krasnoyedə tanış olduğum Qılıncbay deyildi. O Qılıncbay olduğundan şübhələnməyə başlamışdım. Gözləri daima vəhşi bir heyvanınki kimi parıldayırdı. Təlimdən sonra Huşnud onunla dostcasına danışmaq istəyəndə belə, qaşlarını çatır, dodaqlarını qəzəblə bükür, yanımızdan ya heç cavab vermədən, ya da kobud bir söz deyərək gedərdi. Əvvəllər onun bu hərəkəti Huşnudun çox xətrinə dəyirdi. Başqaları da “Təlimdə bizə zülm verməsin, başqa neynir eləsin” – deyə, düşünürdülər. Amma Qılıncbayın əzazilliyi, zülmü günü-gündən artırdı. Otaqda olanda hamı onun bizə qarşı bu hərəkətlərini müzakirə edirdi. Mən söhbətlərə elə də çox qatılmırdım.

Legiondakı təlimə öyrəşdikcə Qılıncbayın şəxsiyyəti mənim üçün ikinci planda qalmışdı. Belə ki, Krasnoyedə tanıdığım Qılıncbayı yavaş-yavaş unutmağa başlamışdım. Artıq indiki əsəbi, zalım, lənətəgəlmiş yeni Qılıncbaya öyrəşmişdim.

Bir gün digər tağımların əsgərləri kölgədə yatıb, siqaret çəkərkən, Qılıncbay bizi yenə daşlı-tikanlı təpədə, cəhənnəm günəşinin altında qaçırtmışdı. Dirsəklərimiz, dizlərimiz yara, qan içində qalmışdı. Eyni günün axşamısa bizim bölüyün əsgərləri icazə alaraq şəhərə getmişdilər. Otaqda mən, ağsaqqal Huşnud və bir neçə əsgər yoldaşımız qalmışdı. Qısa boylu, arıq-uruq, badam gözlü, sarışın astarxanlı Muhan yatağına uzanaraq dedi:

– İcazə alıb, gedəniniz yoxdu?

Huşnud cavab vermədi, sadəcə acı-acı güldü. Biz də səsimizi çıxartmadıq. Otağa bir anlıq sükut çökdü. Elə bu anda Muhan birdən-birə çarpayıdan qalxdı:

– Siz qalın. Mən gedirəm. Şərab dükanından iki şüşə rakı alacağam. Birini içəcəyəm, o biri şüşəni də qara qırğızın başında parçalayacam, – deyib məndən cavab gözləyirmiş kimi gözlərimin içinə baxdı.

Onun hirsli üzü və sözləri ürəyimə bir növ qorxu salmışdı. Tez qarşısını kəsdim:

– Muhan, get, yerində uzan. Elədiyin ayıb deyil? Deyəsən, əsgər olduğunu yaddan çıxardırsan? Əsirlikdə deyilik artıq, əsgərik!

– Nə ayıb e?! Bu əclaf gizir olub, özünü bir şey hesab edir?! Niyə o biri gizirlər kimi təlim keçmir?

– Özünü göstərir, Muhan, – deyə əsgərlərdən biri sözə qarışdı, – Almanlara özünü bəyəndirmək istəyir. Ciddi təlim aparsa, komandir çiyninə bir gümüş ulduz da artıracaq. Sən də gözə girməyə çalış, nə bilirsən, bəlkə, sənə də bir gün çavuş rütbəsi verərlər. Hələ çiyninə gümüş ulduz da vurarlar.

– Mən sinəmdə alman qəlpəsi daşıyıram, bu, mənə bəs edər.

Bu sözləri deyəndən sonra üzü saraldı, ağır-ağır gedib yatağının kənarına oturdu, bir siqaret yandırdı. Muhana baxdım. Əlləri titrəyirdi. Otaqda bayaqkı kimi səssizlik hökm sürdü. Beləcə, səssiz-səmirsiz bir-birimizin üzünə baxarkən qapı açıldı, içəri Muhanın dostu Həsən girdi. Həsən bizim tağımdan deyildi. İçəridə nə baş verdiyini anlamaq üçün soruşdu:

– İgidlər, yasınız düşüb?

Biz yenə danışmadıq, o da gedib divardan asılmış güzgünün qarşısında dayandı, aşağı əyildi, yağlı, qara saçlarını daradı, papağını taxdı, geriyə – qapıya tərəf addımladı. Sonra təzədən bizə çevrildi, qapıya söykənərək dedi:

– Bizim gizir stansiyanın yanındakı bir evdə, on altı yaşlı bir qızdan danışır. Yaman şeymiş. Hamımız gedirik. “Siz də gəlin” deyərdim, amma qız bizim kimi sağlam əsgərləri istəyirmiş.

Muhan dostuna hirsləndi:

– Çərənləmə, cəhənnəm ol!

– Getməyinə gedirəm e, Muhan, ancaq təəssüf ki, sizi də dəvət edə bilmirəm. Qılıncbayın təlimindən sonra siz qadına…

– Nə p…x yeyəcəksənsə, get, ye, haydı, marş!

– Gedirəm, gedirəm…

– Bu gecə bu otağa yuyunmadan girsən, özünlə birlikdə yatağını da çöldə tapacaqsan!

Həsən bir anlıq yumşaldı və sakit səslə dedi:

– Hirslənmə Muhan, zarafat edirəm, qız zad yoxdu, meyxanaya gedirik, istəyirsənsə, sən də gəl.

Sözünü bitirib otaqdan çıxdı.

Göyün üzü açıq mavi rəngdə idi. Yollar toz içində, torpaq çatlamışdı. Qızğın günəşin altında sapsarı təbiət susaraq ayaq səslərimizi dinləyirdi. Qurumuş, çatlamış dodaqlarımız tərpənmirdi. Ağzımızı açacaq halımız yox idi. Alnımızdan, yanaqlarımızdan, açıq sinəmizdən dayanmadan tər axırdı. Bəzən əlimi qaldırıb silmək istəyir, silə bilmirdim. Başımız dimdik, əlimizi, ayağımızı kukla kimi hərəkət etdirərək, irəliləyirdik. Bəli, biz bu gün taxtadan kuklalardıq. Bölüyün yanından, atının üstündə şəstlə dayanan qırmızısifət, qaşları, kirpikləri buğda sarısı rəngində prussiyalı zabitin cansız, hissiz kuklalarıydıq.

– Eine, zwei. Eine, zwei… Eine, zwei!

Və addımlarımızın çıxartdığı, ardı-arası kəsilməyən “Rrap, rrap… Rrap, rrap…” səsləri. Bu səslər Lejyonovanın küçələrini doldurduğu kimi, beynimizin içində də guppuldayırdı. Zabitin soyuq və sərt baxışı altında başımız dimdik, heç bir şey düşünmədən elə hey irəliləyirdik.

– Eine, zwei! Eine, zwei!

– Rrap, rrap… Rrap, rrap…

Yolun kənarında büzüşüb yatan köpək artıq bu səslərə öyrəşmişdi. Başını qaldırmır, qulağını şəkləmir, bizim cərgələrimizə tək gözü ilə baxmaqla kifayətlənirdi. Evlərin birinin qarşısında yazıq uşaq iki əlini yumruq edib, göz yaşını silir, boğula-boğula ağlayırdı. Elə bu vaxt qapının arxasından bir əl uşağın yaxasından tutub, içəri saldı. Səs bir anlıq dayandı. Hər yan yenə kimsəsiz, səssiz qaldı… Sanki dünyada təkcə o atın üstündəki zabitin səsi qalmışdı:

– Eine, zwei! Eine, zwei!

– Rrap, rrap… Rrap, rrap…

Qabaqdakı tağımlar sola dönür, yüz ayaqlı əjdahalar kimi, tozlu yola girirdilər. Ürək sıxan ayaq səsləri aləmi bürüyən toz-duman içində yavaş-yavaş uzaqlaşıb eşidilməz olurdu.

Şam meşəsinin ətəklərinə çatdıq. Hamımız çiyinlərində kilolarla yük daşıyırmış kimi ikiqat əyilərək gedirdik.

Muhan alnının tərini silərək soruşdu:

– Ağsaqqal, bizə nə vaxt istirahət verəcəklər?

Huşnud yarı zarafat, yarı ciddi cavab verdi:

– Mən nə bilim? Gizir Qılıncbaydan soruş da. O bilər…

Muhan susdu. Amma bizdən aralıdakı Həsənin vecinə də deyildi. O, bizim manqadan olmadığı üçün sərbəstcə danışa bilirdi. Yavaş-yavaş aramıza soxuldu.

– Sizin gizir komandirin dostudur?

– Dostudur, hə… Dünən meyxanada komandirlə rakı içirdi.

– Rütbəsini qaldıracaqmış.

– Qızını verməyi vəd eləmədi ki, sizin gizirə?

– Bax, bunu bilmirəm. Özündən soruş bir.

Qılıncbay susurdu. Bu gün o, istədiyini edə bilmirdi. Bizim manqa tağımın içində addımlayırdı. Buna görə də Qılıncbay istədiyi kimi hərəkət edə bilmirdi. Amma baxışlarından manqa tağımdan ayrılan kimi nə edəcəyini oxuyurduq. Qaşlarını çatıb, dodaqlarını bərk-bərk bir-birinə sıxmış, qaş-qabağısa yer süpürürdü. Tağımdan ayrılanda… Bunu hamımız yaxşı bilirdik… Amma Həsənin vecinəydimi?

– Giziriniz ətli-budlu gəncdir, sizi də çox sevir. Bizim gizirə heç bənzəmir. Bizimki çox sərtdi. Dəhşət çox…

– Biz də onu sevirik.

Artıq bu sözlərə Qılıncbay dözə bilmirdi. Üzü saralır, elə hey hirsli-hirsli ağsaqqal Huşnudun üzünə baxırdı. Söhbət bir az da uzansaydı, dava düşəcəkdi. Yanımda addımlayan Muhan asta, ancaq amiranə bir səslə dedi:

– Qocaya əl vursa, onu parça-parça edəcəyəm.

Bundan sonra Huşnudla Qılıncbayın arasına keçdi. Elə bu an arxamızda bir bağırtı eşidildi.

– Sağdan düşmən təyyarələri!

Qaçaraq meşəyə girdik. Hər şey yaddan çıxdı. Bəzilərimiz çuxurlara girmiş, bəzilərimiz dizüstə çökmüş, dayanmadan havaya atəş açırdıq. Bu, bizim üçün həm istirahət, həm də əyləncə əvəzi idi. Həmin gün silahlı təlimlər gecəyə qədər davam etdi. Meşəni “qruplaşmalar”dan təmizlədik. Göydəki günəş qərb üfüqlərini qızıla boyayan vaxtı meşədən çıxdıq. Bölük komandiri tağım komandirlərini çağırıb vəziyyəti izah etdi. (Tağımlara alman çavuşları rəhbərlik edirdi.) Meşədən çıxmağa nail olmuş bir dəstə Lejyonovaya tərəf irəliləyirdi. Tağım dərhal hərəkətə keçdi. Partizan dəstəsi Lejyonovaya çatmamış yolunu kəsməli idik. Lejyonovaya qədər tarlalar, evlər – dəstənin gizlənə biləcəyi hər yer axtarılacaqdı.

Qarşımızda alman çavuşları, tarladan qurd sürüsü kimi Lejyonovaya tərəf irəlilədik. Zəminin üstündən xoş meh əsirdi. Qılıncbay, Huşnud, Muhan və mən birgə addımlayırdıq. Ətrafın səssizliyində zəif küləyin təsirilə qızıl kimi buğda saçaqlarının yellənməsi ürəyimdəki həsrət hislərini oyadırdı. Tarlanın ortasındakı ağ divarlı, samandan hörülən, uçuq-sökük, ətrafı çəpərlə əhatələnmiş bir evə tərəf gedirdik. Həyətdə hündür ot tayası, tayanın yanında atsız, oxu dimdik dayanmış bir araba gözə çarpırdı.

Qabaqda gedən komandir dayandı. Arxasınca gələn əsgərlərə əli ilə işarə verərək dedi:

– Yerə uzan!

Hamımız bir nəfər kimi uzandıq.

Həyətdə uzun boylu, arıq bir adam gəzişirdi. Tez-tez dayanıb, əlini gözünün üstünə qoyaraq tarlasına baxırdı. Yanımdakı alman çavuşunun sürünərək komandirə tərəf getdiyini gördüm. Bu dəqiqələr müharibənin səssiz anları idi. Arabir uzaqdan tək-tük tüfəng səsləri eşidilirdi. Deyəsən, birinci tağım Lejyonovaya girmək üçün son hücumunu edirdi. İndi gizir komandanın yanında dizüstə çöküb, durbinlə qarşıdakı evə baxırdı. Biz əkinin içinə uzanmış, əmr gözləyirdik. Huşnud Muhana alçaq səslə məzəli hekayə danışırdı. Muhanın gülüşün kənardan belə eşidilirdi.

Günəş üfüqə söykənmişdi. Təpəmizin üstündəki buludlar, dərdli dünyanı qanadları altına alaraq yuxuya hazırlayırdı. Birdən evdən ağrı dolu səs eşidildi. Bir-iki dəqiqə sonra həyətdəki atsız arabanın təkərləri arasından xilas olmuş bir donuz balası, burnu yerdə, xortaya-xortaya, tez-tez qulaqbatırıcı, incə səs çıxararaq, sürətlə tüfənglərimizə tərəf qaçmağa başladı. Əsgərlər hamısı birdən qəhqəhə çəkdilər. Huşnud Muhanla məzələndi:

– Donuz sənə tərəf qaçır. Muhan, deyəsən, səni tanıdı, qohum-əqrəban deyil?

Elə bu vaxt bir tüfəng səsi gəldi. Heyvan olduğu yerdəcə dayandı. Burnu torpağa əyildi, çırpınmağa başladı. Huşnud o dəqiqə götürüldü. Növbəti güllə saçaqların arasından vıyıltıyla keçdi. Heyvan qabaq ayaqlarının üstünə yıxıldı, bayaqkı səsi son dəfə çıxartdı və yavaş-yavaş kəsildi. Bir az sonra tamamilə yerə uzandı. Huşnud hələ də ayaq üstdə idi:

– Günah deyil? Heyvanı kim öldürdü? – deyə bağırdı.

Kənardan ot-alafın içində uzananlardan biri cavab verdi:

– Niyə günah olsun axı, ağsaqqal? Haram heyvanı öldürmək nə vaxtdan günah olub?

Söhbətə başqa biri də qoşuldu.

– Yaxşı, otur yerində. Günah imiş e…

Huşnud hirsindən dillənə bilmədi. Yavaş-yavaş diz çöküb öz-özünə mızıldandı:

– O donuzu öldürənin özü donuzdur.

Biz buğdaların içində uzanıqlı vəziyyətdə gəbərmiş donuza baxarkən, sol tərəfdən komandirlə bir neçə gizir evə tərəf qaçdı. Evin qarşısında bir qadın əllərini göyə qaldırıb, hıçqıraraq ağlayırdı. Bir neçə alman, sonrasa bir neçə türküstanlı gizir də ayağa duraraq, evə tərəf qaçmağa başladılar. Evin qarşısındakı adamlar getdikcə çoxalırdı. Biz ayağa qalxıb evə baxmağa başladıq. Təkcə Huşud diz üstə idi:

– İstiqlal savaşına donuz öldürərək başladıq. Nə bərəkətli gün imiş, min bərəkət… – deyə mızıldandı.

Evin həyətindəki izdihamdan bir nəfər çıxaraq bizə tərəf gəlirdi. Muhan səsinin incə yerinə salıb qışqırdı:

– Orda nə baş verir? Donuzu dəfn edirsiniz?

– Ölən təkcə donuz deyil! Donuza atılan güllələrdən biri adamın başını deşib. Bədbəxt yerdə qan içində uzanıb.

Gözlənilmədən bədənimə titrəmə düşdü. Tez evə tərəf qaçdım. Həyətdə alman gizir əsgərləri tarlaya geri qaytarır, çavuşun yanındakı türküstanlı gizir də əlini qaldırıb, əmrlər verirdi:

– Tez olun, rədd olun! Rədd olun, dedim sizə… Heç ölü görməmisiniz?

Özümü irəli dürtüşdürdüm. Taya ilə arabanın arasında başı-gözü qan içində, ağ köynəyində irili-xırdalı qan ləkələri, uzun boylu bir adam uzanmışdı. Əsgərlər başqa ölü olub-olmadığını yoxlamaq üçün evin dar və alçaq qapısından girib-çıxırdılar. Evdə də ölü olar deyə, içəri girməyə heç cür cəsarət edə bilmirdim. Bir gizir çölə çıxdı. Ölünün başındakı adamlara yaxınlaşaraq qışqırdı:

– Haydı, igidlər, çəkilin! Çəkilin! Təki arzunuz ölü görmək olsun… Rusiyada istədiyiniz qədər görəcəksiniz!

Bir neçə əsgər, arxasıncasa bir neçə gizir evdən çıxdı. Komandir və alman gizirləri qapının qarşısında söhbət edirdilər.

Komandir həmişəki səsi ilə dedi:

– Kəndçinin günahı yoxdur… Bir səhvə qurban getdi. Bunu legion komandirinə özüm açıqlayaram.

Qan içində yerə sərilmiş kəndçiyə bir az da baxıb, aralarında söhbətləşib getdilər. Qapının qarşısında tək qaldım.

Axşam həm qəribə bir qorxu, həm də uşaq kimi maraq hissi mənə güc gəlirdi. Amma deyəsən, marağım qorxumdan qüvvətli idi. Çünki mən evə komandir və gizirlər həyətdən çıxandan sonra girdim. Özümü yarıqaranlıq bir otaqda tapdım. Sağda kiçik bir pəncərə, pəncərənin yanında divardan asılı kiçik, çatlamış bir güzgü vardı. Sol tərəfdə bir ayağı qırıq masa, onun da üstündə şüşəsi qaralmış çıraq vardı. Bütün bu kiçik və kasıb əşyaların yanında dağ kimi böyük bir dolab gözə girirdi. Çölə çıxmaq istəyəndə otağın qzülmət küncündə saçı-başı dağınıq bir qadının qaranlıqda, səssiz və hürkmüş pişik kimi oturduğunu sezdim. Qucağında iki uşaq vardı. Üçüncü uşağın başı da sinəsinə söykənmişdi. Uşaq sanki başı anasının sinəsində doğulmuşdu. Onun anasını qucaqlamağı, anasının da ondan yapışmağını görən hamı bu cür düşünərdi. Qadının qucağında yatan uşaqlardan biri məni görən kimi anasının boynuna sarılaraq, iri və mənalı gözlərini mənə zillədi. Onun baxışlarından qorxurdum. Aramızda dərin, qaranlıq bir uçurum yarandığını duyurdum. Uşağın gözləri mənə çox dərin, çox ağrılı nələrsə deyir, bütün mənliyimi silkələyirdi. Bəlkə də, müharibənin qorxu və dəhşətini ilk dəfə olaraq o uşağın gözlərindən oxuyurdum.

Çöldə şeypur çalındı. Yavaş-yavaş batan günəş də, sanki bu evdə ümid işığının sönməyini simvolizə edir, sonuncu şüalarını kiçik pəncərənin şüşəsindən uzadıb içəriyə baxırdı. Ana da, uşaqlar da, hətta küncdəki ikona da sükuta qərq olmuşdu.

Evdən çıxanda bədənim buz kimiydi. Bizim tağımlar yavaş-yavaş evdən uzaqlaşırdılar. Ürəyim artıq maraqdan yox, qorxudan tir-tir əsirdi. Həyətdəki meyit, sanki mənə baxırdı. Elə bil, mənimlə danışmaq istəyirdi. Tağımıma tərəf götürüldüm. Əkinin arasından tağımlara çatana qədər o uşağın gözləri, otağın səssiz divarları, ikonalar, arxamca məni təqib edirmiş kimi bədənim ürpəşdirirdi. Çox keçmədi ki, özümü Muhanla Huşnuda yetirdim. Huşnud susur, Muhansa hamının yerinə danışırdı. Bir anlıq üzümə baxıb dedi:

– Üzün niyə saralıb, Sadıqım?

Cavab vermədim.

– Gördün ölünü?

– Gördüm…

– Birinci dəfəydi, ölü görürdün?

– Hə…

– Elə bil bir az qorxmusan, hə?

– Bir az…

– Baxma! Ölüdən qorxursansa, ölüyə baxma! Yanındanca keçib get, üzünə baxma. Ayaqlarını görsən, eybi yoxdu. Mən ölünün təkcə ağzına baxanda qorxuram. Əlləri də bir az qorxuducu olur, amma ağzı qədər yox. Biz əsirlikdə ölülərin ağzını görməmək üçün ayaqlarından dartıb barakdan çölə çıxarırdıq. Bizim ağsaqqala bax…

O da bir az mızıldandı. Amma niyəsini bilmirəm. Görəsən, nəyə pis olmuşdu – donuza, yoxsa kəndçiyə görə?

– Bayaq kimin üçün ağlayırdın, hə, ağsaqqal?

– Cavab vermir… Yəqin ki, donuza.

Günəş gözdən itmiş, ucsuz-bucaqsız tarlaya matəm səssizliyi çökmüşdü. Buludların qaralmağa başlayan qanadları altında bütün dünya yuxuya getməyə hazırlaşırdı. Muhan hələ də danışır, aralıdakı Huşnudsa elə hey susurdu. Mən arabir başımı döndərib arxadakı, dəniz üfüqlərində batan bir gəmi kimi kiçilə-kiçilə gözdən itən evə baxırdım.

Bu da ilk günahımız! İstiqlal yolu bizi haralara aparacaqdı? Bilmirəm. Amma yenə tənha deyildim. Gizir Mustafanın, azərbaycanlının, Süleymanın kölgələrinə sığındığım günlər kimi, yanımda kölgələrində gizlənə biləcəyim adamlar vardı.

Buğda tarlasından çıxandan, Leyjonovaya girməmişdən qabaq Huşnudun yanına getdim. Tüfəngi çiynində, gözlərisə yerdəydi.

– Allahım, sən günahlarımı bağışla! – deyə dua edirdi.

Bu hadisədən düz iki həftə sonra, axşamüstü tüfənglərimizi təmizləyərkən Qılıncbay otağa girdi. Baxışları yaman dumanlı görünürdü, rəngi solğun idi. Yanımda oturdu, əvvəlcə mənim danışmağımı gözləyirmiş kimi gözlərimin içinə baxdı. Səsimi çıxartmadım. Sonra özü dilləndi:

– Sadıq bəy.

Bəy sözünü boğazına ilişmiş loxmanı udurmuşcasına çətinliklə tələffüz etdi.

– Sizə bir xəbər verməliyəm.

Birdən-birə adıma əlavə etdiyi bu “bəy” sözünə çaşıb-qalmışdım:

– İnşallah, yaxşı xəbərdir.

Bir anlıq susdu. Başını qaldırıb, üzümə baxdı.

– Pis deyil… Yaxşı xəbərdi. Bayaq qərargahdan bir katib gəlmişdi, sizi axtarırdı.

– Məni?

– Hə, sizi. Təcili legion komandiri ilə görüşməlisən.

– Legion komandir ilə?

– Hə, legion komandiri təcili gəlməyini istəyir.

Bilmirdim, bu yaxşı, yoxsa pis xəbər idi. Tüfəngimi çarpayıma qoyub qapıya tərəf getdim. Qılıncbay yanımca gedirdi. Otaqdan çıxmamış dayandı, üzümə uzun-uzadı baxdı və alçaq səslə dedi:

– Sadıq bəy. Keçdiyim təlimlərdə sizə çox əziyyət vermişəm. Məni bağışlayacaqsınızmı?

Qılıncbayın soyuq baxışlarını təpədən-dırnağa qədər süzdüm.

– Sanki bir-birimizdən ayrılacaqmışıq kimi danışırsan, cənab gizir.

– Deyəsən, elə olacaq.

– Nəsə bilirsənsə, açıq-aydın de.

– Dəqiq bilmirəm… Amma təxmin edirəm ki… Dünən komandir bundan sonra bölükləri və tağımları türküstanlı zabitlərin idarə edəcəyini deyirdi.

– Olsun da, bundan mənə nə?

– Siz rus ordusunda zabit idiniz…

Qılıncbay sözünü bitirməmiş otaqdan çıxdım.

Legion komandiri mayor Erniki ilk dəfəydi ki, görürdüm. Bədəni ləyəndə şişən xəmir kimi, dar uniformasının düymələrini qoparıb çölə daşmaq istəyirdi. Toqqasını bərk sıxdığına görə təraşlı üzü qıpqırmızı olmuşdu. Peysəri qalın idi. Yaşıl gözləri parlaq və nəmli görünürdü. Göz qapaqları qızarmışdı. Amma çirkin də demək olmazdı. Üzündəki ilk nəzərə çarpan şey – sağ qulağının dibindən düz dodağının ucuna qədər davam edən, olduqca dərin bir qılınc yarası idi. İzi açan adam qılıncı elə ustalıqla çəkmişdi ki, sanki mayorun ağzındakı qızıl dişin görünməyini istəyirmiş kimi, dodağının kənarından balaca barmağının dırnağı böyüklüyündə bir ət parçasını kəsib-atmış, qızıl dişi aşkara çıxarmışdı. Üzünün bu qüsuruna rəğmən mayor Ernik, dediyim kimi, nə çirkin, nə də göründüyündən daha pis bir insandı. Məni çoxdan tanıyırmış kimi qarşıladı. Adımı, rütbəmi bilirdi. Mənə Kamal deyə xitab edirdi, o biri adımı da bilirdi. Uzun və dar bir otaqda, qəhvə rəngli masanın üstündəki Hitlerin tunc büstünün arxasında ayaq üstə dayanaraq mənə oturmağa yer göstərdi. Oturmamışdan qabaq əl uzadıb, salamlaşdım. Üzünə diqqətlə baxdım. Bu günə qədər tanıdığım almanlara qəti bənzəmirdi. Dodaqlarının ucunda daim təbəssüm vardı. Amma buna baxmayaraq, sanki maskaya və ya bir aktyorun üzünə baxırmış kimi gözümü ondan çəkə bilmirdim. Bəzən onu kapitan Baha oxşadırdım. Əslindəsə, onun kimi deyildi. Mənə bacardığı bütün yaxşılıqları etdi. Amma mən duruşumu heç pozmadım. Mayor Ernikin bütün əsgərlər tərəfindən sevilməyi də fikirlərimin səhvliyinin sübutuna yaraya bilərdi. Bəzən cümə namazımıza gəlib meydanın kənarında bizi izləyirdi. Bir il sonra axundların arasında komandir müsəlman olacaq deyə, bir şaiyə gəzməyə başlamışdı. Amma çox keçmədi ki, bu söz-söhbət yaddan çıxdı.

İndi masanın arxasındakı kresloda oturub təbəssümlə gözlərimin içinə baxırdı. Çətinliklə Türkiyə türkcəsində dedi:

– Bir aydan çoxdur ki, əsgər kimi təlim keçirsiniz.

Türkcəsinin zəif olduğunu, bu dili qısa zamanda öyrənəcəyini, xüsusilə də, qırğız və özbək ləhcələri ilə maraqlandığını dedi.

Haqqımda heç nə soruşmurdu: Qızıl Orduda, sonra əsir düşərgəsində keçirdiyim günlərdən heç söhbət salmırdı.

Söz dildən düşmüşkən, birdən ayağa durdu, düzbucaqlı formadakı otağın o biri başına var-gəl edərək dedi:

– Kamal bəy, ordu qərargah rəisindən aldığımız əmrə görə, bütün tağım və bölükləri türküstanlı komandirlərə təhvil veririk.

Mən susurdum. Yenə eyni təbəssümlə soruşdu:

– Bu xəbər sizi bir az da olsa sevindirmədimi?

Cavab vermədim, əvəzinə başımı qaldırıb mayor Ernikin üzünə baxaraq güldüm. Bu gülüşümü mayor Ernik komandirliyi qəbul etməyim kimi başa düşdü. Onsuz da etiraz edəcək vəziyyətdə deyildim. Əsgər kimi qayalıqlarda dizlərimi qanatmaqdansa, zabit olub at üstündə gedərdim. Gizirlərin üstümə qışqırmasındansa, mən onlara təpinərdim. Tər, torpaq qoxusu içində çürümək əvəzinə, zabit uniforması geyinərdim. Nişanlarımla, ulduzlarımla parıldayardım. Onda mən əvvəlki Turan idim. Mayor Ernik papağını asılqandan götürəndə ayağa qalxdım.

– Gedə bilərəm, herr mayor?

– Yox. Bütün legionda otuz zabit tapa bildik. Siz otuz birincisiniz. Ən yaxşı alman zabitlərinin idarəçiliyində üç aylıq zabit kursu açırıq. Üç ay alman silahlarını və təlim üsullarını yaxşıca öyrənəndən sonra, tağımları və bölükləri idarə etməyə başlayacaqsınız. İndisə mənimlə gəlin, sizi kurs keçəcək dostlarınızın yanına aparım.

Papağını taxdı, otaqdan çıxdıq. Binanın pilləkənlərindən yan-yana enərək avtomobilə minəndə, ürəyim qürurla dolub-daşdı. İndi, bəlkə də, ilk dəfə olaraq, rahat, gənc və özüm olmuşdum. Avtomobildə dəmir hasarlardan keçərək şosenin sağındakı meydana girəndə, elə hey mayorun formasına baxırdım. Uniforması şux, gözəl və gözqamaşdırıcı idi. Bircə sinəsində – ürəyinin üstündəki gümüş qartalın pəncəsində tutduğu qamalı xaç əsəbimə toxunurdu. Bu, bəlkə də, qamalı xaçın mənim üçün heç bir mənası olmamasından irəli gəlirdi. Yalnız zabit olub tağımımla Rusiyanın içinə girəndən sonra alman xaçından, alman qartalından mənə nə?!

Bəs çərkəz papağı taxmayacam? Papağın üstünə ukraynalı qızlara ay-ulduz toxutmayacağam? Bircə o məmləkətin sərhədlərindən keçsəydim! Yoxsa alman qartalı vecimə də deyil.

Bəli, mən artıq əvvəlki Turan idim. Mən yenə də kişi olurdum. Bəlkə də, damarlarımdakı tatar qanı işini görməyə başlayırdı.

İki balaca kazarmanın arasında avtomobildən düşdük. Zabit kursu keçəcək dostlarımızın bir qismi qolları çırmanmış, kazarma divarına söykənərək dayanmışdılar. Onları xeyli kənardan izlədim, sonrasa yanlarına getdim.

İki gün heç bir iş görmədik. Üçüncü günün axşamı zabit kursunun başlandığı elan olundu. Açılış mərasimi çox təntənəli keçirildi. Hətta ziyafət də təşkil edilmişdi. Legionun bütün yüksək rütbəli zabitləri buradaydı. Uzun kazarmada Türküstan və Almaniya bayraqları altında nitqlər söyləndi. Türküstanın istiqlalı və Almaniyanın daim var olması şərəfinə sağlıqlar deyildi.

Həmin axşam uzunboylu, ağbənizli, iri gözləri par-par parıldayan Əhməd Akın adlı hiveli gənc özbəklə tanış oldum. O da Türküstan istiqlalını mənim kimi müqəddəs amal hesab edirdi. Amma qərar vermək anında məndən güclü, cəsarətli və fədakar olacağına şübhə yox idi.

Birinci axşam döyüş xatirələrini, cəbhədə qazandığı təcrübələri mənə uzun-uzadı danışdı. Bu hücumlardakı rolunu ya mümkün qədər gizlətməyə çalışır, ya da əhəmiyyətsiz bir şeymiş kimi təqdim edirdi. Dindar idi. Əsirlikdən xilas olmağını Allahın kəraməti hesab edir, buna görə də canını təkcə Tanrı və millət uğrunda fəda edəcəyini göz yaşları içində deyirdi.

Ən qəribəsisə bu idi ki, adımı, kimliyimi və haralı olduğumu soruşmadı, elə birbaşa əlini uzadaraq mənə dost olmağı təklif edərək səmimiyyət qurdu. Bu, mənə əvvəlcə bir az gülməli gəldi, amma büruzə vermədim, əlini sıxaraq dostluğunu qəbul etdim. Gözlərindəki qayğıkeş baxışlarının insana elə təsiredici qüvvəsi vardı ki, əllərimizlə birlikdə qəlblərimiz də bir-birinə bağlandı, dost olduq. Dostluğumuz, həqiqətən, səmimiyyət üzərində qurulmuşdu, təəssüf ki, çox çəkmədi.

Hekayəmdə Əhməd Akın üçün bir səhifə – qırmızı bir səhifə ayırdım. Amma o səhifəyə hələ çox var…

Zabit kursu ziyafətdən sonra başladı. Həm də necə başladı! Lampaları söndürüb yatmışdıq ki, dəhlizdə bir fəryad qopdu:

– Həyəcan!

Almanlar otaqların qapısında dayanıb imkan vermirdilər ki, işıqları yandıraq. Qaranlıqda silahlarımızı qucaqlayıb, dəhlizdə paltarlarımızı düymələyə-düymələyə özümüzü çölə atırdıq. Dəhlizdə almanlar dayanmadan bizə qışqırırdılar. Hətta bəziləri bizimlə məzələnirdilər:

– Heraus! Heraus, herr oficiere…

Çöldə leysan yağırdı. Yay uniformamız bədənimizə yapışmış halda kazarmanın qarşısında almanları gözləyirdik. Yarım saat sonra almanlar gəldilər. Sərt üz cizgiləri olan komandirlər bizi ovaya apardılar. Saatlarla yağışın altında, palçığın içində qaçdıq. Səhəri gün tezdən, müəllimlərimizi gördük. Hamısı gizir idi. Alman ordusunun ən sərt və zalım heyəti idilər. Qolları çırmanmış, ətrafımızda ov iti kimi fır-fır fırlanırdılar. Bizim bircə hərəkətimiz, adi baxışımız belə gözlərindən yayınmırdı. Nə əsəbi, nə zalımdılar! Onların qalib gələcəklərini fikirləşəndə, Türküstanın istiqlalını belə xəyal edə bilmirdim. Əhməd Akın da zabitlər haqqında mənim kimi düşünürdü. Bir dəfə qorxu ilə astadan dilləndi:

– Sadıq bəy, bizə dərsi bu adamlar keçəcək?

Təlimlərə başladıq. Qılıncbayın təlimi onların yanında heç nə idi. Alman gizirlərinin təlimi Qılıncbayın təlimini kölgədə qoyurdu. Hər gecə üç, bəzən dörd, bəzən də beş dəfə həyəcan siqnalı verilirdi. Qaranlıqda, toz-torpaq meydançada bizi dördayaq gəzdirirdilər. Birimizin ağzından bir səs eşidilsə, o dəqiqəcə çiynimizə qum çuvalı yükləyib, bizi saatlarca ovalarda qaçırdırdılar.

Bəzi günlər otuz-qırx kilometr yol yeriyirdik. Geri qayıdanda, Lejyonovaya iki kilometr qalmış, hər birimizin çiynində ağır, belimizi deşik-deşik edən borular, dəmir yastıqlar ola-ola bəzən qaçırdır, bəzən də qaz yerişi yeridirdilər. Zülmün müxtəlif növlərini, ən şeytani formasını bilirdilər. Bugünkü kimi xatırlayıram, bir gün Lejyonovanın şimal-cənubunda, Narevin üstündəki körpüdən keçirdik, anidən bir qışqırtı eşitdik:

– Qarşıdan düşmən atəşi!

Arxaya çevrilib qaçmağa başlayanda, təzədən bir səs eşidildi:

– Düşmən arxadan atəş açır!

Çoxumuz silahlarımızla birlikdə çaya tullandıq. Sudan qorxan dostlarımızı alman gizirlər söyərək məcburi çaya tökmək istəyirdilər.

Bəzən də iki-üç günlük səyahətə çıxırdıq. Kəndlərdən keçərkən, yerli sakinlər qapıların, pəncərələrin arxasından bizə qəribə bir qorxu ilə baxırdı. Bostanlarda, tarlalarda məşqlər keçir – hərbi “oyun”lar oynayırdıq. Bu “oyun”larda polşalı kəndlilər, qadınlar gözləri intiqam parıltısı ilə yanan, yalın ayaq, cırıq şalvar uşaqlar həmişə quldur, partizan rolunda olurdular. Alman gizirlər saçları ağarmış qadınlardan təhlükə, üsyan gözləyirmiş kimi bellərində tapança ilə evlərə girirdilər. Qaranlıq otaqların qapılarını təpik, qoçbaşı ilə açırdılar. “Silah, qaçaq, partizan axtarırıq!” – deyə, hər künc-bucağı, anbarları, çarpayıların altını belə axtarırdılar.

Biz – istiqlal əsgərləri tüfənglərimizlə bərabər Türküstanın ən müqəddəs gələcəyini çiyinlərimizdə daşıdığımız kimi, o uşaqların, o qadınların gözlyaşlarının əzabını da ürəyimizdə daşıyırdıq. Biz də vəhşi, insan cildindən çıxmış o gizirlərin izlərinə ayaq basaraq irəliləyirdik. Onların vəhşiliyinə çox tez öyrəşdik. Biz də o gizirlər kimi həyatın vəhşi üzü ilə sərxoş olub, başqalarının təlaş və qorxularını özümüzə əyləncə, zövqü-səfa bilirdik. Həyatın və insanlığın bizə verdiyi gözəl, ilahi şeyləri tapdaladıq, ayaqlarımızdakı Prussiya çəkmələrinin altına salıb korcasına, axmaqcasına əzik-üzük etdik. Əbədi qayəmiz, müqəddəs Türküstanımıza çatmağa çalışarkən çox pis əməllərə imza atdıq.

Bu sətirləri böyük məsuliyyət hissi ilə yazıram, hörmətli millətimin təmiz ruhunu törətdiyimiz bu pis əməllərə calaq etməkdən qorxuram. Amma nə etdiyimiz əməllərdən qaçacağam, nə də özümüzü uzaqlarda, gözüyaşlı gözləyən millətdən ayıracağam. Bu gün keçmişi daima qırmızı, gələcəyi həmişə qara görən xəstə beynimdə ürəyimin alovunu söndürəcək və bədənimin titrəməyinin qarşısını alacaq, məni qızdırmadan xilas edəcək bir fikir, ürəyimə su sərpəcək bir təsəlli qalmayıb. Təkcə Allahdan diləyirəm ki, məhkəməyə sürütlənib aparılana qədər, bir divarın dibində düşmən güllələri sinəmi dəlik-deşik edənə qədər, millətimə sevgim, imanım, düşmənlərimə qarşı kin və intiqam hislərim sönməsin!

Bu da günahlarımız: kəndlinin heyvanına atəş açmaq, evlərə girmək, divarlardakı ikonaları yerə tullamaq… Bu da günahlarımız: həyətdə ağ saçlı ana ağlayarkən, qaranlıq künc-bucaqda, belimizdəki alman qamçılarının izləri keçməmiş, alman gizirləri ilə birləşib qızlarla mazaqlaşmaq. Ya Rəbbim, bunları da istiqlal üçünmü etmişdik!?

Dörd ay sonra zabit oldum. Soyuq bir qış axşamı idi. Lejyonovanın bazarına yaxın bir yerdə hərbi yeməkxanadan çıxmışdım. Meyxanalardan, fahişəxanalardan çıxmış əsgərlərimizin səsləri arasından qulağıma ulamağa bənzər bir hayqırtı dəydi. O tərəfə getdim. Hündür, iki taylı bir qapının üzərində yanan lampanın işığında iki türküstanlının vlasovçu bir rusu ayaqlarının altına salıb təpiklədiklərini gördüm. Rus buğa kimi səslər çıxardırdı. Məni görən türküstanlılar dayandılar. Onların düz yanında ayaq saxladım. Rusun üzü qandan qıpqırmızı olmuşdu. Sürünə-sürünə gəldi, çəkmələrimdən yapışdı. Türküstanlılar başlarını aşağı əymişdilər, gözlərindəki fəxr hissinin işıltısı çəkmələrimə düşürdü.

– Bu adamı niyə döyürsünüz?

Cavab vermədilər. Burun deşikləri vəhşi heyvanlardakı kimi yuxarı-aşağı hərəkət edir, gözlərindəki qəzəblə gah rusa, gah da mənə baxırdılar.

– Niyə döyürsünüz demədim sizə, dəyyuslar?!

Hadisənin səbəbini bilmək istəyirdim. Onlardan biri başını bir az qaldıraraq bir az qorxu, bir az da etdiklərinə məndən dəstək gözləyirmiş kimi dilləndi:

– Bu adam rusdur, komandan ağa.

Həmin axşam rusu bir tərəfə, türküstanlıları başqa tərəfə göndərmişdim. Amma səhəri şəhərdə gəzən patrul rusun cəsədini dəmiryol stansiyasının yaxınlığında tapmışdı. Gedib o cansız bədənə baxdım. Bu sətirləri yazarkən belə, gözümün qabağına indi görürəmmiş kimi gəlir. Üzü necə də qorxunc vəziyyətə düşmüşdü! Bədəni illərdir üstündə odun kəsilən kötük kimi idi. Alman həkimləri qırx yeddi bıçaq yarası saymışdılar. Komandir dərhal icazələri ləğv etdi. Əsgərlər şəhərə çıxmaq üçün düz bir ay icazə ala bilmədilər. Almanlar bir ay var gücləri ilə rusun qatillərini araşdırdılar, tapa bilmədilər. Bir dəfə axşamüstü zabitlərin iclasından sonra mayor Ernikdən bu barədə soruşdum:

– Onlar tutulsa, nə cəza veriləcək?

Həmin günlərdə mayorun qırmızı üzü saralmış, dodaqlarının ucundakı təbəssüm yoxa çıxmışdı.

– Ölüm cəzasını bütün legionun gözü qarşısında yerinə yetirəcəyik.

Mayor Ernikin bu cavabından sonra ağzımı qıfıllayıb danışmadım. Həmin axşam restoranın arxasında rusu döyən iki türküstanlı ilə hər dəfə rastaşanda, salamla bərabər, gözlərində təşəkkür dolu baxışlarla yanımdan keçib gedirdilər. Cəbhəyə gedənə qədər onlarla birlikdə, ürəyimdə qəribə, əzabverici bir sirri daşıdım. Qatil idilərmi? Bilmirəm. Günahkar idilərmi? Bəlkə də. Amma millətimə qarşı edilən günahları da ancaq millətim bilir. O əsgərlər qatil idilərsə, özlərini müdafiə üçün “O adam rus idi, komandan ağa” deməkdən başqa nə edə bilərdilər ki?!

Zabit kursunda gizirlərin bizə keçdikləri təlim düz bir ay davam etdi. Bir gün axşamüstü gizirlər birdən-birə itdilər. Səhəri gün tezdən qalxıb kazarmanın qarşısında təəccüblə gizirləri gözlədik. Gəlmədilər. Günortaya yaxın təmiz paltarda mədəni və dik duruşlu iki zabit gəldi. Zabitlər gizirlərin etdiyi təlimlərin sona çatdığını xəbər verdilər və o gün kazarmada qum sandığının üstündə həmin zabitlər taktiki dərslər keçməyə başladı. Təlimlərdə iştirak etmir, yol yerimir, saat səkkizdə qalxır, doqquz-doqquza qalmışa qədər uniformalarımızı təmizləyirdik. Zabitlər həftədə bir dəfə bizi kinoya aparırdılar. Axşamlar qrammofon dinləyirdik. Tez-tez iclas keçirilirdi. Hər iclasda zabitlər müharibənin məsuliyyətini yəhudilərin boynuna yıxırdılar. Müharibənin səbəb olduğu bütün fəlakətlər gözümün qabağına gəldikcə, “Bunu yaradan səbəb nə qədər kiçikmiş!” – deyirdim. Ən qəribəsi də, buna inanmaq asan deyildi. Bu millətin yəhudilərə qarşı instinktiv nifrət hissi, görəsən, bizdə də vardımı? Bəlkə də, vardı.

Zabitlər Türküstanın yaxın gələcəkdə Asiyanın böyük və güclü bir dövləti olacağını deyirdilər. Şərqdə türk-tatar dünyası yaponlarla dost və müttəfiq olandan sonra, qərbdə Almaniyaya, şərqdə Yaponiyaya və bizə, demək olar ki, bütün dünyanı idarə etmək hüququ veriləcəkdi. İndi bunları yazarkən gülürəm. Amma bunu bizdən qat-qat yüksək və ağıllı zabitlər deyirdilər. Dediklərinə də özləri bizdən daha çox inanırdılar. Həm inanır, həm də bu inam uğrunda qanlarını tökürdülər. Bizi yavaş-yavaş öz çevrələrinə buraxırdılar. Görəsən, bu da dünyanı idarə etmək üçün ilk addım idimi? Elitar məclislərdə necə hərəkət edəcəyimizi, süfrədə çəngəl-bıçaq tutmağı, xanımlara salam vermə üsullarını, ictimai münasibətlərin bütün incəliklərini izah edirdilər.

Dünyanı almanlar idarə edəcəkdi. Buna inanırdılar. Biz alman formasını geyinəndən, dişimizdən saçımıza, dırnağımıza qədər alman olduqdan sonra həyatımızı istər-istəməz bu mənfəətlərə görə planlamayacaq və Türküstan ideyasını yavaş-yavaş unutmayacaqdıqmı?

Kurs avqustun əvvəlinə qədər davam elədi. Zabit kursunun son həftəsi baş qərargahdan gələn, ciddi görünüşlü, çatmaqaş zabitlərin baxışları altında imtahan verdik. O zabitlər hər hərəkətimizlə maraqlanırdılar. Davranışımızı, danışığımızı, hətta yemək yeməyimizi belə diqqətlə izləyirdilər. Bizi zabit etməmiş, o parlaq uniformalarımızı geyindirməmişdən əvvəl, bizdən mütləq özləri kimi mədəni insan yaratmağa çalışırdılar. Uniformalarımızın və rütbələrimizin bizi doğru, ancaq özləri üçün doğru olan yolda irəli aparacağına inanırdılar.

Alman zabitlərində bir səhv görmək mümkün deyildi. Özləri yaxşı idilər və bizim də yaxşı olmağımızı istəyirdilər. Bütün dünya onların ancaq pis tərəflərini görürdü. Bəs bizə açdıqları ideallıq yolunda onların pis tərəflərini görə bilərdikmi? Bəlkə də, hazırda əynimə geyindiyim uniformanın şərəfini qorumaq üçün bunları yazıram.

Türküstanımızdan danışırdılar, bizim istiqlalımızın detallarını açıqlayırdılar. Belə danışanda, onları pis hesab edə bilərdikmi?

1942-ci il, avqustun 8-i zabit kursunun sonuncu günü idi. Səhər tezdən böyük təmizliyə başladıq. Sanki bayrama hazırlaşırdıq. Komandir mayor Ernik sevincli halda bütün medallarını sinəsinə taxıb, çəkmələrini parıldadıb ətrafda gəzişir, tez-tez otaqlarımıza girib-çıxırdı. Hər birimizlə dayanıb söhbət edir, dost kimi davranır, hal-əhval tuturdu.

Günortaya yaxın, demək olar ki, legionun bütün zabitləri kazarmamızın yanında toplaşdılar. Bəziləri, hətta gəlib əl uzadaraq təbrik edir, bizimlə dost olmağa çalışırdılar. Almaniyanın keçmiş əsirlərinə etdiklərindən dolayı, o gənc zabitlərin gözündə parıldayan iftixar hissi Almaniyanın tamamilə tək qalmayacağı haqqında ümid parıltılarına qarışırdı. Alman millətinin yetişdirdiyi o məğrur zabitlərinin qüdrətli baxışlarına qarışan bu qəribə ümid parıltısını neçəmiz görür, neçəmiz başa düşürdük?! Amma aramızda onların üzlərinə baxaraq dişlərini qıcıdanlar, alman çəkməsi altında əzildiyini xatırlayaraq “hələ əsgərləri əlimə aparım” deyə, intiqam saatını gözləyənlər də az deyildi. Şərqi Polşanın meşələrinə çatan kimi, yanındakı bir ovuc almanın başını tüfəngin qundağı ilə yarıb qaçdılar. İndi hardadılar? Hansı ağac, hansı su, hansı yol qırağında can verdilər?

Günortaya az qalmış Türküstan və Almaniya bayraqları altında düzüldük. Bir tərəfdə Baş Qərargahdan gələn yüksək rütbəli zabitlər, digər tərəfdə də biz dayanmışdıq. Hə, biz – dünənə qədər əsir düşərgələrində skelet kimi yatan adamlar, indi əyinlərində par-par parıldayan uniformalarla dünyaya hakim olmaq üçün müharibə edəcək igidlər. Qarşımızda dayanan zabitlər dünənlə bu günün arasındakı fərqi yaxşı anlayırdılar. Odur ki, bizə dayanmadan, iftixarla baxırdılar. Amma mən həmin dəqiqələrdə o zabitləri görmürdüm. Həmin vaxt bütün ürəyimlə yurdumun və millətimin ən sadiq övladı olduğumu düşünürdüm. Gözlərimin qarşısında yeni bir həyat, indiyə qədər yadırğadığım həyatdan tamamilə fərqlənən bir ömür canlanırdı.

Xəyallara dalmışdım. Komandir mayor Ernik adlarımızı və rütbələrimiz, bölük və tağımlarımızı oxuyurdu. Adımı eşidəndə dərin bir yuxudan oyanmış kimi diksindim.

– Üçüncü bölük komandiri: Sadıq Kamal.

Tağım komandirləri: Taxtagül Səlim, Ersan Bağir, Mumin Battal, Əhməd Akın.

Yoldaşlarım gözləri ilə təbrik edirmişcəsinə, hamısı birdən mənə baxdılar. Komandir və ordu komandanlığının zabitləri gələrək əlimi sıxıb, təbrik etdilər. Cərgələr dağılandan sonra, yoldaşlarım ətrafımda, hər birinin əli çiynimdə, gözlərinin içi gülərək, məni yenidən təbrik etdilər. Bu bir neçə dəqiqə içində mən onların hər şeyi olmuşdum.

– Kamal bəy, səninlə güllə altına gedərik, Türküstanımız üçün ölərik, – deyirdilər.

Təkcə Əhməd dişlərini ağardıb gəzirdi:

– Ölümdən danışmaq tezdi. Bəs Hivedə Sadıq bəyin toyunda içməyəcəyik?

Qəhqəhə çəkir, əlimizi qaldırıb bir-birimizə beş vururduq. Dostluğumdakı səmimiyyəti göstərmək üçün həmin gün Akının gözlərindən öpdüm. Yazıq Akın, yazıq… Bir il sonra sənin başına nələr gəldi?!

II

Səhər tezdən legiona köçdük. İki mərtəbəli, qırmızı kərpicdən tikilmiş binanın qarşısında üçüncü bölüyə təyin edilmiş gizirlər məni gözləyirdi. Gizirlərin arasında Qılıncbaya gözüm sataşdı. “Bundan sonra günəşin altında nə görsəm, təəccüblənməyəcəm” – deyə düşündüm. Bu adam Süleymanın toplarından ayrıldığım gündən bəri, sanki məni izləyirdi. Amma ən qəribə təsadüf iki ay sonra oldu. Əsgər üç günə qədər Lejyonovaya çatacaqdı. Gizirlərin hamısını Əhməd Akının əmrinə verdim. Komandirin icazəsi ilə Muhanı və Huşnudu üçüncü bölüyə keçirtdim. Muhan gizir məktəbinə getdi və tabor Rusiyaya hərəkət etməmişdən bir ay əvvəl gizir rütbəsi ilə geri qayıtdı. Huşnuda da gizir məktəbinə getməyi tövsiyə etmişdim, amma razılaşmadı. Kəndlinin ölümündən bəri onun üzünün rəngi dəyişmişdi. Heç kimlə danışmır, heç kimə yaxınlıq vermirdi. Təlimini səssizcə, içində qəribə bir əzabla həyata keçirirdi.

Günlərin bir günü xəstələndi. Bir ay xəstəxanada yatdı. Aradabir yanına gedir, yatağının qırağına oturub, uzun-uzadı danışırdım. Onu xəstəxanada qoyub Rusiyaya gedəcəyik deyə, əzab çəkirdi.

– Məni burda qoyma, Sadıq bəy, – deyə ağrı-acı dolu səsi ilə yalvarırdı.

Yaxşı ki, xəstəliyi çox uzun çəkmədi, bölüyə qayıtdı, mən də onu təlimlərə çox göndərməməyə çalışırdım. Mətbəxdə aşpaza kömək edir, boş vaxtlarını bir şam ağacının kölgəsində, əlində təsbeh, ürəyində dualar oxumaqla keçirirdi.

Ukrayna meşələrində ilk dəfə döyüşə girənə qədər Muhanla Qılıncbayın arası pis idi. Aralarındakı soyuqluq, hətta düşmənliyə qədər gedirdi. Amma hücuma keçəndə ikisinin arasında vurulan qardaşımızın qanı onları bir-birinə birləşdirdi. Həm də necə birləşdirdi! Döyüşə girməmişdən qabaq bir-birinə rakı şüşəsini uzadaraq, yumruqları ilə alov kimi qırmızı dodaqlarını silərək, kömür kimi qara gözlərindən fışqıran alovlarla, qana-qan dedikləri vaxt komandirlə olaraq mən belə qorxardım. “Boş yerə qan tökmək günah deyilmi?” – deyə əlim, ayağım titrəyirdi. İndi Krım, Şimali Qafqaz mənim millətimdən yetim qalmışkən, bunu titrəyərək yox, ən böyük qürur və məmnunluqla yazıram.

Mən əsl Qılıncbayı onda gördüm, əsl Qılıncbayı odun-alovun içində tanıdım. Cəhbədən ayrılıb geri, Polşaya qayıdandan sonra yenə əvvəlki kimi güclü, amma bu gücünü istifadə edə bilmədiyi üçün özünə əzab verən bir Qılıncbay olacaqdı. Muhanın ölümündən sonra məni öldürəcək, bölükdəki almanları bıçaqlayıb qaçacaqdı. Nə məni öldürdü, nə də almanları bıçaqladı. Amma nə əzablar çəkdi, bir Allah bilir…

Əsgərlər Lejyonovaya üç gün sonra gəlib çatdılar. Şəhər stansiyasına gedib qarşıladıq. Necə ağrılı, necə yorğun vəziyyətdəydilər?! Uzun boylu, arıq idilər. Bəzilərinin arıqlıqdan almacıq sümüyü çıxmışdı. Ağıllarını itirmiş kimi, ağızları açıq, təəccüb və qorxu ilə bizə baxırdılar.

Amma bizim şübhəmiz yox idi. Türküstan ruhu bizi ayağa qaldırdığı kimi, onları da qaldıracaqdı. Biz onları türk ruhu, türk qanı ilə adam edəcəkdik.

İki həftə təlimi qadağan etdim. Yazıqlar hələ əsir düşərgələrindəki kimi başları əyik gəzirdilər. Ya da uzaqdan mətbəx qapısına gözlərini zilləyib saatlarla dayanırdılar. Yeni həyata yavaş-yavaş öyrəşdilər. Uzun boylu, gur saqqallı, qara gözlü, böyük, ağ alınlı, mədəni görünüşlü Mirzə Seyfüddinin ətrafında bir qoyun sürüsü kimi toplaşıb, meydanda gəzişməyə başladılar. Bir çoxu otaqlarda, şam ağaclarının kölgəsində namaz qılırdı. Seyfüddin, demək olar ki, hər axşam otağıma gəlib, iki ovucunu sinəsinə, ürəyinin üstünə qoyub, yeni əsgərlərə göstərdiyim bu mərhəmətə görə mənə təşəkkür edirdi. Yazıq molla Seyfüddin! Gözlərində mərhəmət işığı, iki ağ əli sinəsində, göylərə baxaraq can verdi. Bu sətirləri yazmaqla, iki ovcunun altında almaz kimi qoruduğu ürəyini, Türküstan yolunda fəda etdiyi canını Vətənin gənclərinə təslim etmək istəyirəm. Şəhid olan bütün qəhrəmanlarımızın ürəkləri kimi, onun qəlbi də istiqlal yolunda sönmək bilməyən bir məşəl təki yanacaq.

İndi bu qəhrəmanlar yadıma düşəndə, “Xatirələr”i qoyub-qaçmaq, elə hey qaçmaq istəyirəm. Amma mən öz dünyamda yaşayarkən, onlar da mənimlə birlikdə yaşamalıdır. Sabah dünyamdan uzaqlaşacağımı bilsəm, bir neçə yarı-yarımçıq sətirlə “Xatirələr”i yazar və bitirərdim.

Təlim iki həftə sonra başladı. Əvvəlcə yumşaq keçdik, yavaş-yavaş həqiqi insan, sağlam, tam əsgər oldular. Özləri ilə birlikdə nəzərlərində həyat da dəyişdi. Keçmiş həyat unuduldu. Yeni həyatlarında kora, qorxağa, çarəsizə yer qalmadı. Hamısının bənizinə qan gəldi, gözlərində alov parıldadı. Artıq boş vaxtlarını ancaq dua və namazla keçirmirdilər. Bazar axşamları şəhərdən qayıdarkən, şərabın verdiyi xumarlıqla qollarını bir-birinin çiyninə atıb mahnı da oxuyurdular. Görəsən, Molla Seyfüddinin ürəyi onlarla idimi, onlara qoşulmaq istəyirdimi? O da yeni üsullu molla idi! Qardaşlarının bu balaca günahlarını görmürmüş kimi dodaqlarının ucunda xəfif təbəssümlə yanlarından keçib gedirdi. O da yeni mollalardan idi! Sabah yurdu üçün ölümə gedəcək bu uşaqların kiçik günahlarından molla Seyfüddinə nə vardı ki? Günah da günah olsa… Millətin günahsız tökülən qanı üçün, düşmənlərimizin zülm və istismarına qarşı duran bu günahkar uşaqlarımızın ruhları da müqəddəs babalarımızın ruhları ilə birlikdə olacaq.

İki aylıq nizam-intizamlı təlimdən sonra əsgər cəbhəyə getməyə hazır idi. Bu uşaqlar döyüş meydanlarının qan və od qasırğasını hələ bilmədiklərindənmi, yoxsa məmləkət üçün ölməyə can atdıqlarındanmı, mayor Ernikin bizi Rusiyaya götürəcək əmrini səbirsizliklə gözləyirdilər. Türküstan sərhədlərinə yaxınlaşan alman ordusunun ön cəbhəsində olmaq istəyirdilər. Hər axşam otaqlarında Türküstandan danışırdılar. Bu axırıncı günlərdə Muhan çox xoşuma gəlirdi. Bəzən təlimlərdə atıma Muhanı mindirib, kənardan almanlarla izləyirdik. At dördnala uçarkən Muhan heyvanın kürəyindən tullanıb sıçrayırdı. Bəzən yenə dördnala gedən heyvanın boynuna sinib, əlindəki tüfənglə otuz addım uzaqdakı siqaret qutusunu nişan alırdı. Bu tamaşadan sonra mükafat olaraq siqaret verəndə, xırda gözlərinin içi gülürdü.

– Aqay, – deyirdi, – mən gülləmi boşa atmaram. Qazax xalqını əsir edən kafirlər qarşıma çıxsın bir… Bax, gör, Astraxana girəndə nələr edəyəcəyəm!

Yazıq Muhan! Astraxana girməmiş başına nələr gəldi! O qara günün axşamı, səssiz qara gözlərin bir mismar kimi ürəyimə bataraq, bu gün təkcə cəsarətimi yox, ürəyimi və düşüncələrimi belə, qara və qorxunc həyata mismarladın. Bu gün sən də yorğun başımın unudulmaz, ağrı-acılı bir xatirəsi oldun.

Bir gün axşam tərəfi təlimdən dönən bölüklə binanın qarşısında dayanan kimi, baş gizir Nəsirullah mayor Ernikin məni çağırdığını xəbər verdi. Otağıma girib çəkmələrimin tozunu almaq istəyəndə, arxamca çağırdı.

– Dərhal gəlsin, dedi. Saatına baxırdı. Komandan ağa, ciddi bir məsələ olduğunu dedi.

Dayandım. Bütün əsgərlər mənə baxırdı. Gizir Nəsirullah danışmağa davam etdi. Ancaq bu dəfə səsi lap alçaqdan gəlirdi, sanki pıçıldayırdı:

– Düzdü, ciddi məsələdir, dedi, amma guya almanların ciddi olmayan məsələsi var ki?

Dərhal qərargaha getdim. Yolda döyüş əmrini düşünürdüm. Qərargahın daş pilləkənlərindan çıxarkən, uzaqdakı müharibənin bütün dəhşətini hiss etdim. Şimal Qafqaz dağlarında guruldayan toplar, parçalanan əsgərlər bir anlıq gözümün qabağına gəldi. Dəhlizdə mayor Ernikin otağına yaxınlaşdıqca titrəyirdim. Başım hərləndi, divardan tutdum. Amma bu qorxu nə cəbhə, nə də ölüm qorxusu idi; bu daxilimdə baş verən nəyə və kimə qarşı olduğunu bilmədiyim bir üsyan idi. Mayorun qapısının qarşısında özümü toxtamaq üçün dayandım. Bir az sonra dərindən nəfəs alıb, içəri girdim.

Eyni uzun masada Hitlerin büstü arxasında, soyuq, sərt üz cizgiləri olan mayor Ernikin böyük başı kresloya yastlanmış, əlləri masada, dırnaqlarının ucuna baxırdı. Soyuq bir salam verdim.

– Üçüncü bölük komandiri Sadıq Tur… Kamal. Əmrinizdəyəm, herr mayor.

Bu son sözü deməyimlə alnımda tər damcılarının yarandığını hiss etdim. Mayor ağzını açmadı, üzümə baxmadan masanın yanındakı oturacaqda mənə yer göstərdi. Oturdum. Mayorun ciddi və sərt üzündən, otağa çökən sükutdan ürəyim pis bir şeyin baş verdiyini hiss edirmiş kimi, düz boğazımın içinə soxularaq döyünməyə başladı. Mayor Ernik masadakı qəzetlərə baxaraq dedi:

– Qəzet oxuyursan?

Mənim cavabımı gözləmədən sözünə davam etdi:

– Rusiyadan elə hey yaxşı xəbərlər gəlir… Müharibədən sonra necə bir işlə məşğul olacaqsan?

Bunu heç düşünməmişdim. Müharibə mənim üçün heç bitməyəcək, təbii bir proses olmuşdu. Mən od-alovun və qan içində doğulmuş, bu cür də yaşamışdım. Vətənimi, millətimi müharibəsiz, gözü yaşsız neçə övladı gördü, bundan sonra neçə övladı görə biləcəkdi?!

Eyni sualı öz-özümdən söruşdum.

– Müharibədən sonra necə bir işlə məşğul olacağam?

Mayor cavabımın əhəmiyyətli bir şey kimi gözləyir, gözünü gözümdən çəkmirdi. Mən qəzetlərə ötəri nəzər saldım.

– Hələ müharibə qurtarsın, herr mayor…

– Biz almanlar müharibədə belə, sonrakı şəxsi həyatımızı düşünür, planlarımızı əvvəlcədən qururuq. Deməli, sən hələ plan qurmamısan?

Mənə dostcasına baxırdı. Mayorla dost kimi danışa biləcəyimi hiss etdim.

– Qələbə çalan millətlərə bu müharibə qurtuluş, istiqlal, bəlkə də, sərvət gətirəcəyi qədər iztirab və xarabalıqlar da yaradacaq… Müharibənin yaraları qalib gələn millətlər üçün də çox ağır olur.

Bu cavabımla mayorun zəif nöqtəsinə toxunmuş kimi oldum. Gözlərini dərhal üzümdən qəzetlərə döndərdi.

Əlbəttə ki, mayor Ernik mənə gələcək işlərim barəsində soruşmaq üçün yanına çağırmamışdı! Bəs onda məqsədi nə idi? Söhbətimizi yekunlaşdırırmış kimi dedim:

– Xarabalıqlarımızı təmir etmək uzun vaxt aparacaq… Bunun üçün çox çalışmaq lazımdı. Vətənimdə mənə də bir iş tapılar, herr mayor.

Mən sözümü qurtaran kimi ayağa durdu, gözləri hələ də qəzetlərdə idi.

– Sən krımlısan, Kamal?

– Krımlıyam, herr mayor.

– El-obandan nə vaxt çıxmısan?

– Beş il olar.

– Krımda kimlərin qalıb?

– Anam, atam, qardaşlarım…

– Onları görmək istəyirsənmi?

Cavab vermədim. Həyəcandan səsim batmışdı. Mayor Ernik parıldayan gözləri ilə üzümə baxırdı.

– Kamal, icazə al, iki həftəlik Krıma get. Krım bizim əlimizdədir… Cəbhəyə getməmiş, get, ailəni gör…

Bütün bədənim əsirdi, nə deyəcəyimi, necə davranacağımı bilmirdim. Bir uşaq kimi mayor Erniki qucaqladım. Mayor mənim bu həyəcanımı içində hiss edirmiş kimi, əlini çiynimə qoydu, qulağıma əyildi:

– Möhkəm ol, Sadıq… Bilirəm ki, çox məşəqqətlərdən keçmisiniz… İndi get, çərşənbə axşamı gəl, icazə kağızını al…

Mən qapıya çata bilmədim.

– Amma getməmişdən qabaq mənim üçün bir şey elə; bazar ertəsi Varşavaya dörd yüz əsir gəlir. Onları qarşılamaq üçün yaxşı almanca bilən bir zabit lazımdı…

– Oldu, herr mayor.

– İstəyirsən çərşənbə axşamı yola çıx.

Mayor Ernikin otağından çıxdım. Bəlkə də, o dəqiqədən sonra həyatım bir yuxu olmağa başladı. Həqiqətən, əsl hekayəmə də buradan başlamalı idim. Bu yuxu hissi 1945-ci ilin may ayına – Tirolde Mariyanın yanına qaçana qədər davam elədi. Mariyadan ayrılandan sonra nə ümid yerim, nə də dayağım qaldı. İndi nə həyatım həyat, nə də yuxum yuxuydu! Bəzən özümü dənizin dibində qalmış kimi hiss edirdim. Dünyada bu hissi məndən başqa duyan vardımı? Bəlkə də, “Xatirələr”i yazdıran bu hissin ağrısıdır. Amma xatirələrlə birlikdə məni yaşadan da, yəqin, elə yenə bu hissdir.

Bəs o birilər? Digərlərinin həyatı da, ruhu da mənim həyatımdan çox dəyərli idi. Digərlərini yer üzünə çıxara bilsəm, eybi yox, mən bütün varlığımla yenə dənizin dibində qalım. Təkcə digərləri çıxsın dünyaya, onlar yaşasın, bəsimdir. Onlar yaşarkən ürəyim dənizin dibindən belə rahat olacaq.

Mayor Ernikin otağından çıxandan sonra həyatım bir yuxuya bənzədiyi qədər, təsadüflər, ağıla sığmayacaq hadisələrlə dolu bir romana bənzədi. Həyatımın bu hissələrini bütün təfərrüatı ilə düşünəndə xatirələrim uydurma bir hekayəyə bənzəyəcək deyə, özümdən utanıram. Amma uydurma hadisələri yazanlar həyatdan qaçmır, əksinə, onunla birlikdə addımlayır, sağlam düşüncələri ilə gözəlliklər yaradırlar. Mənsə həyatdan qaçırdım. Həyatdan qaçarkən həyatın aydın tərəflərini də qara görürəm. Qarşımdakı həyat gözlərimdə qaralarkən ürəyimdə qalmış keçmiş həyatın qorxunc və fəlakətini yorğun beynimə yükləyirəm. Beynim bu yükü götürsə, mənim yazıq, yorğun başım “Xatirələr”də gözəlliyə yox, ancaq quru bir həqiqətə çata biləcək.

Həmin günün axşamı, bütün əsgər vətənə gedəcəyimi öyrənmişdi. Molla Seyfüddin, Əhməd Akın yanımdan ayrılmır, artıq neçənci dəfə idi ki, ailəmə salamlarını çatdırmağımı istəyirdilər. Akın yarı zarafat, yarı ciddi dedi:

– Geri qayıdacaqsan, Sadıq bəy?

Qayıdacağıma, onlardan ayrılmayacağıma söz verdim. Bu sözü Mariya məni rus tanklarının qarşısından alaraq, axıra sürütləyənə, sinəmdəki yaraları sarıyana qədər tutdum.

Gizir Muhan qapının arxasında gözləyirdi. İki əli sinəsində, gözlərində dünyanın ən yumşaq, ən mərhəmətli baxışları, məni gizirlərin otağına ziyafətə dəvət etdi. Yazıq gizirlər! Əlləriniz sinənizdə məni salamlayırdınız. Bu sətirləri yazarkən belə, iki ay sonra düşmənlərimizi qıran o əlləriniz gözümün qarşısına gəlir və eləcə də donub qalır.

Muhan dirsəkləri dizlərində, başı ovuclarının arasında, hüznlü səsi ilə ah çəkdi:

– Ah, mən də yurduma qovuşa bilsəydim!

Bunu, sanki bir ağrıdan xilas olmaq üçün söyləyirdi. Bu səs digərlərinin də yarasına toxunurdu. Onların da bu sözləri təkrarlayaraq inildədikləri eşidilirdi:

– Ah, keşkə, ah, qovuşsam!

İndi həmin keçmiş günləri fikirləşəndə başa düşürəm ki, bu uşaqlar məmləkətin sərhədlərini keçsələr belə, hamısı intiqam deyə can verəcək, məhv olacaqdı.

Məhv oldular. Məmləkətdən uzaqlarda; baş daşısız, yazısız, məzarsız, torpaq oldular.

Həyəcanımdan yata bilmir, gözümə heç cür yuxu getmirdi. Gözümün qarşısına elə hey Krım və ailəm gəlirdi. Siqareti siqaretə calayırdım. Qovuşma dəqiqələrini düşünürdüm. Necə olacaqdı? Bir-birimizə necə qovuşacaqdıq? Səhərə qədər anamı yuxumda gördüm. Bəkiri – atamı gördüm… Onların yanaqlarını, əllərini öpür, onlarla birlikdə yaşayırdım.

Bu gün sübhdən qalxdım. Sabah bazar ertəsi, sonrasa çərşənbə axşamıydı… Elə istəyirdim ki, bu gün çərşənbə axşamı olsun! Bu son iki gün mənə illər kimi uzun gəlirdi. Çölə çıxdım. Ətraf səssiz idi. Gecə yağışından sonra otlar tər, torpaq sərin-sərin ətir yayırdı. Uzaqdan gizir Muhanla dörd əsgər növbədən qayıdırdılar. Salam verib, yanımdan keçəndə Muhanı çağırdım:

– Növbədə bizimkilərdən neçə adam var?

– Biz axırıncılar idik, komandan ağa. Bizdən başqa heç kim yoxdu.

Mənimlə söhbət etmək üçün qarşımda dayandı.

– Qarovulda hardaydınız?

– Mən almanlarla şəhəri gəzirdim.

– Aaa… neçə sərxoş gətirmisiniz?

Güldü:

– Bu gün bazardı, komandan ağa. Sərxoşları bu gecəki növbətçilər gətirəcək.

– Yorğunsan?

– Bir az.

– Dur, get, yat. Onsuz da hələ tezdi… Əsgəri qaldırma ha!

Yenə bəyaz dişlərini göstərərək güldü:

– İki saatlıq yatacağıq. Sonra icazə versəniz, şəhərə gedərdik.

Bu vaxt qapıdan baş gizir Nəsirullahla Əhməd Akın gəldi. Akın mənə yaxınlaşıb saatına baxdı:

– Nə vaxt durmusan, Sadıq bəy?

– Yata bilmirəm… Elə bil çərşənbəyə illər var. Bu gün neynəyəcəksən?

– Düzü, düşünməmişəm. Bır-r-r… soyuğu hiss etmirsiniz? İstəyirsinizsə, bir az gəzişək. Başqa bir işiniz yoxdursa?

– Yoxdu, çıxaq. Bəlkə, çərşənbə də daha tez gələr, – dedim və gizirin yanında dayanan Muhanı çağırdım, – Muhan! Get, mənim atımı gətir. Əhməd bəyinkini də…

– Baş üstünə, komandan ağa! – deyərək axıra tərəf götürüldü. Qaça-qaça arxaya çevrilib dedi, – Deyəsən, sizin “Qaragöz” çıxacağını hiss edir, bayaq axırın yanından keçəndə, arxamca kişnədi.

Akınla otaqlarımıza gedib, tapançalı kəmərlərimizi belimizə bağlayıb çıxanda, Muhan yüyənlərindən tutduğu iki atın arasında bizə tərəf gəlirdi.

Baş gizir Nasirullah yanıma gələrək soruşdu:

– Əsgər şəhərə gedə bilərmi, komandan ağa?

– Əvvəlcə silahlarını təmizləsinlər, günortadan sonra gedə bilərlər.

– Oldu, əfəndim.

– Amma axşam doqquzda hamısı qayıtmış olsun. Düz doqquzda gəl, mənə məruzə elə.

– Baş üstə!

“Qaragöz”ün yüyənini Muhanın əlindən alıb, yelininə sığal çəkdim. Heyvan bundan xoşhallanıb kişnədi, sanki razılıq edirmiş kimi başını yellədi.

Muhan o biri atın yüyənini Akına uzadanda, atdan ancaq özünün başı çıxırmış kimi əvvəlcə ata, sonra Akına baxaraq məlumat verdi:

– Bu heyvan bir az tərsdir, komandan ağa. Amma günah heyvanda deyil, əslində, minəndədi. Heyvanın üstündə velosipedə minirmiş kimi oturanda elə olar da. Yolda tərbiyəlidir, ovaya çıxanda tərsdir. Çalışın, çox qamçılamayın…

Əhməd Akınla yan-yana atlarımızın üstündə əsgər kazarmalarının arasından keçib Varşava şosesinə çıxdıq. Hələ gün yenicə ağarırdı. Ətrafda sükut hökm sürürdü. Qıpqırmızı bir günəş soldakı şamlığın arxasından bütün möhtəşəmliyi ilə yüksəlməyə başlayır, zəif işıqlarını yolun hər iki tərəfindəki seyrək evlərin islaq damlarına səpələyirdi. Ətrafın səssizliyində, daş yol boyunca atlarımızın nal səslərini dinləyə-dinləyə Varşavaya tərəf irəliləyirdik. Yablonnaya çatanda günəş ağaran üfüqləri arxada qoyub yüksəkliklərdən bütün dünyanı hökmü altına almışdı.

Qarşımızda bir kənd görünürdü. Akın xeyli geridə idi. Kəndə çatmamış özünü mənə yetirdi. Bir-birindən aralı yerləşən evlərin olduğu kəndi, kolları ortadan bölərək qarşıdakı evlərə tərəf burulan otlu, ancaq bir atın sığışacağı dar cığırı göstərərək dedi:

– Başqa bir planımız yoxdur?

– Yox.

– Yoxdursa, elə bu yolla gedək. Güman edirəm, bu yol bizi çaya qədər aparar.

Dediklərini təsdiqləmək üçün başımı yellədim. Akın qabaqda, mənsə arxada dar yolla gedirdik. Evlərə baxırdım. Necə də tərtəmiz bir kənddi! Hətta it hürüşü belə, eşidilmirdi. Ağ, saman rəngli damlar, bir-birindən aralı evlər, biri digərinə kürəyini çevirmiş, bir-birindən küsmüş kimi, sanki əbədi səssizlik içində yaşamağa and içmişdilər. Getdiyimiz yolun sol tərəfində bir tir gözümə dəydi. Tirin ucundakı paslanmış konserv qutusunun altında, tirə mismarlanmış Həzrəti İsa heykəlinin yanından yenə səssizcə keçib-getdik. Tirdən üç yüz addım aralıda illərdir yayın qızmar günəşindən, qışın zəhər kimi soyuğundan, küləyindən və tufanından qaralmış, yenə kürəyini evlərə çevirmiş, qapısısa bir meşəyə tuşlanan taxta kilsə vardı. Evlərə, kilsəyə baxıb yurdumu fikirləşdim. Bu müqayisə, bəlkə, səhv, bəlkə də, düz idi. Ancaq kəndlərimiz arasında xristian dini ilə müsəlman dini arasında olan qədər bir fərq gördüm. İndi bütün mövcudluğumla doğulub, böyüdüyüm torpaqlarda idim. Bir anlıq özümü dağın ətəklərindəki kəndimizdə hiss etdim. Ağ minarəli məscidin ətrafındakı evlər, bir-birinə bitişik bağçalar, hürən, kişnəyən, mələşən heyvanlar, qışqırışan, gülüşən insan izdihamı arasında ürəyim həyatın ən ləziz zövqünü hiss edirdi.

Bu fikirlərə o qədər aludə olmuşdum ki, kilsəni necə keçdiyimizi bilməmişdim. Kilsədən və evlərdən xeyli uzaqda, yolun qırağında, yamacda, ayağıyalın iki uşağı görməsəydik, hələ uzun müddət söhbətə başlamayacaqdıq. Uşaqlar bizi görən kimi qışqıraraq dabanlarına tüpürüb qaçdılar:

– Monqollar! Monqollar!

Yol burda genişlənirdi. Artıq burdan kəndə tərəf araba yolu gedirdi. Uşaqlara baxdım, amma çağırmadım. Akın atını sürərək mənə yaxınlaşdı:

– Eşitdinmi, Sadıq bəy, bizə monqol deyirlər.

Özü də bunu dodaqlarının arasından çıxan bir ah nidası ilə dedi.

– Əslində, monqollara yad da sayılmırıq.

Akın buna cavab vermədi. Söhbət salmaq üçün soruşdum:

– Monqol olmaq ayıbdı, bəyəm?

– Yox… Amma onlar sizə sevərək monqol demirlər axı. Özünüz də gördünüz necə qaçdılar. İndi uşaqların ürəyində “monqol” sözü, “alman” sözü qədər qorxuncdur.

Söhbətimizin istədiyim məcrada getmədiyini görüb sözümün arxasını gətirmədim. Bir az keçəndən sonra Akın azacıq yumşalmış səsiylə soruşdu:

– Monqol olmaq ayıb deyil. Amma polşalılar türküstanlı olduğumuzu bildikləri halda, bizə “monqol” deyirlər. Bizə düşmənliklərini göstərmək üçün belə edirlər. Sizcə, niyə?

– Heç bilmirəm axı… Əynimizdəki bu uniformaların içində bir italyan, yaxud da fransız olsaydı, çox güman ki, bizi düşmən gözündə görməzdilər.

– Niyə? Biz tərbiyəsiz orduyuqmu?

– Yox. Biz nə qədər tərbiyəli olsaq da, bizə həmişə eyni düşmən gözü ilə baxacaqlar.

– Niyə?

Söhbətimiz artıq istədiyim istiqamətə yönəlirdi. Qərb Şərqə həmişə düşmən gözü ilə baxırdı və bu baxışını heç vaxt dəyişdirmədi. Bu gün də düşmən gözü ilə baxır. Xüsusilə də bu ölkədə! Burdakılar keçmiş tatar-monqol səfərlərini hələ də xatırlayırlar. Əvvəlcə Çingiz Xanın monqolları, sonra bizim Krım tatarları bu yerləri işğal edib. Uzun illər bu torpağın şəhər və kəndlərini talan edib, insanları əsir götürüblər; uşaqları, qızları uzaq məmləkətlərə aparıb satıblar.

Bunu Akına deyəndə, gözümün qabağına bir neçə ay əvvəl bir kənddən keçərkən, başından vurulan kəndli və qaranlıq otaqda anasının qolları arasındakı o uşağın baxışları gəldi. Akın gözünü mənə zilləyib, diqqətlə qulaq asırdı. Sonra ürəyimin sıxıldığını hiss edib, gülərək dedi:

– Dediyiniz məsələ çox keçmişdə olub, Sadıq bəy. Keçib getmiş tarixdi… Biz onların nə kəndlərinə basqın edirik, nə də ki uşaqlarını əsir götürürük. Məncə, səhv edirsiniz. Yoxsa burda əsgərlərimizin sayəsində dolanan az adam var? Lejyonova sakinlərinin çoxu alman anbarlarından gizlincə götürülən ədyallara bürünüb yatır. Geyimlərinin altına baxsanız, hamısı alman alt paltarlarıdır. Bizimkilər satır, yaxud da pulsuz verirlər. Əsgərlərimiz aldığı beş-on qəpiyi polşa yeməkxanalarında xərcləyir. Fahişələrə bax hələ! Nə qədər pul qazanırlar. “Bərəkətli ildir” deyirlər… Heç vaxt bu qədər pul qazanmayıblarmış.

– Deməli, əsgərlərimiz oğurluq edir, oğrudurlar, hə?

– Almanlar da oğrudur… Oğrunun malını alıb, kasıb-kusuba verənə oğru deməzlər.

Akının üzünə sərt şəkildə baxdım.

– Mənə bax, Akın, sən bu fəlsəfəni özündə saxla. Mən bölüyümdə belə şeylərin olmasını istəmirəm.

– Oldu, əfəndim.

Akın məndən incimiş kimi görünürdü. Bəlkə də, mənim ondan incidiyimi düşünüb üzümə baxmırdı. Bir xeyli danışmadıq. Evlər, kilsə sarı təpələrin arxasında qalmışdı. Təkcə günəşin altında parıldayan damlar həyat izlərini özündə daşıyırdı. Akın bizdən təxmini iki yüz addım aralıdakı qamışlığa çatmamış atın üstündə qurcalandı, sonra atın boynuna tərəf əyilərək, onu təpiklədi. Heyvan birdən götürüldü. Nallarından çıxan torpaq üzümə dəydi, atım arxa ayaqları üzərinə qalxdı. Qamışlığa çatan kimi Akın yenə sürətlə geriyə qayıtdı.

– Qamışlığın arxası çaydır, Sadıq bəy.

Atlarımızın başları yan-yana dayanmışdı. Heyvanlar yarış başlayacağını hiss edirmiş kimi bir az oynaq, bir az əsəbi halda qamışlığa girdilər. Akın üzümə baxdı. Böyük ağzı ilə gülürdü.

Bu xoşbəxtliyinin səbəbini başa düşməsəm də, gülərək soruşdum:

– De, görək, nəyə gülürsən?

Yenə polşalılardan danışacağını bilirdim.

– Bilirsiniz, Sadıq bəy, əslində, polşalıların hamısı bizi düşmən gözündə görmür.

– Yəni, hə, nə olsun? Polşalılardan başqa dərdimiz yoxdu?

– Yox, yox, əfəndim, başqa bir şey deyəcəkdim.

– Yaxşı, de, görək.

Akının üzü birdən ciddiləşdi. Ağzından çıxaracağı sözləri əvvəlcədən bir-bir fikirləşir, sözü ağzında bişirirmiş kimi danışmağa başladı:

– Keçən bazar çayxanada bir qoca kişi ilə danışdım. O, mənə neçə əsr əvvəl yazılmış kitabdan danışdı. Qulaq asırsınız?

– Danış, dedim axı.

– Avropanın ortasında bir qara qartal bütün qartalların yuvalarını darmadağın edəndən sonra, qanadlarını açıb başını qaldıracaq, hansı tərəfə uçacağını təyin etmək üçün qərbə, şərqə, şimala, cənuba baxacaq. Nəhayət, düz uçacaq. Geniş bir çaya çatana qədər şərqdə yerə-göyə hakim olacaq. Amma çayı tapan kimi qanadları qırılacaq və Qərbə qırılmış qanadları ilə qayıdacaq.

Akın reaksiya verməyimi gözləyirmiş kimi susub üzümə baxdı.

– Həə, bəs sonra?

– Qoca qara qartaldan elə bu qədər bəhs etdi. Bu qara qartal Almaniya imiş; şərqdəki çay isə İdil çayı. Qoca alman qartalının qanadlarının orada qırılacağını deyirdi.

– Sən də buna inanırsan?

– Dünyadır da, nəyəsə olmaz demək, olmaz…

– Deməli, qartal o çayda qanadları qırılaraq geri qayıdarsa, biz Türküstana girə bilməyəcəyik?

Akın başını əydi, bir an səsini çıxartmadı, sonra yenə yavaş-yavaş sözünə davam etdi.

– Qoca bundan danışmadı. Qartal Qərbə dönəcək və Avropanın ortasında yıxılıb can verəcək. Qartalın ölümündən sonra dünyada böyük bir qiyamət qopacaq. Bu qiyamət nəticəsində bir çox millət yer üzündən silinəcak, amma ay-ulduz və şərqdəki günəş heç vaxt sönməyəcək. Bunların mənasını izah edəndən sonra, kitabın son cümləsini deyib, sözünü tamamladı.

– Nə dedi?

– Tatar dininə, yurduna sadiq qalacaq və bir gün gələcək ki, tatarlar yenə atlarını Vistül çayında sulayacaqlar.

– Sən bunlara inanmış kimi danışırsan, Akın!

Akın cavab vermədi, mən sözümə davam elədim:

– Amma sənin qocan heç də pis adam deyilmiş, həm də hörmətcil imiş. Səni incitmək istəmədiyi üçün axırımızı xeyrə yozub.

Qamışlıqdan çıxıb çəmənliklə getdikcə nə Əhməd, nə də mən danışdım. Yazıq Akın! Bu günlərdə heç də əvvəlki Akına – zabit kursunda tanıdığım Akına oxşamırdı. Polşalıların əleyhinə söz dedirtmirdi. Əynindəki uniformasına, Polşanı əsir edən Almaniyaya nifrəti o qədər böyük idi ki, odlu-alovlu istiqlal düşüncələri belə bu nifrətin yanında sönük qalırdı. Mən bunu həmin günlər hələ bilmirdim. İki ay sonra Rusiyaya getməmişdən qabaq ürəyini mənə açdı. Polşalı bir qıza aşiq olmuşdu. Qız da onu çox sevirmiş. Əsgərlikdən qaçıb onunla evlənsə, qız müsəlman olmağa belə razıymış. Qatara minməmiş məni o qızın yanına apardı. Dəmiryolunun kənarında, bir evin qabağında divara söykənib gözləyirdi. Əynində köhnə və çirkli brezent, əlində ağ dəsmal, sarışın, mavi gözlü, arıq, amma insanı əsirinə çevirəcək bir cazibəyə sahib qız idi.

Həmin axşam bir-birinin əlindən tutub, üzünə baxarkən ikisinin də saralmış, solmuş yanaqlarından nə qədər göz yaşı süzülüb yerə axdı… O səssiz göz yaşları ilə qəlbləri bir-birinə nə ağrı-acılı şeylər dedi?! Ayrıldılar. Akın aramızda yenə əvvəlki kişi obrazına büründü. Qızı çox da xatırlamadı. Əsgərləri ilə gülləbarana aslan kimi gedirdi.

“Uzaqdakı qız ürəyindən silindi”– deyə düşünürdük. Amma bir şərqli gəncin qəlbini kim bilə bilərdi ki? Bir il sonra Akın yenə, kirli brezentli, arıq qızın əsiri olacaqdı.

Qarşımızdakı çay bütün gözəlliyi ilə yamyaşıl sahillərini yalayaraq axıb gedirdi. Əvvəlcə çaya, sonra Akına baxdım:

– O qocanın dediyi qiyamət qopmamışdan əvvəl, gəl atlarımızı sulayaq.

Başını qaldırıb, dodaqlarının ucundakı təbəssümlə üzümə baxdı, amma yenə soyuqqanlılığını qorudu. Atlarımızı sulayandan sonra çay boyunca xeyli getdik, sonra isə atlarımızın başını sola çevirdik. Şamlığı qoruyurmuş kimi ətrafı çox sıx tikanlı kollar bürümüşdü. Kolların arxasında dayanaraq şamlığa gedən yolu axtarırdıq. Akın bir kolluğa, bir də çaya baxdı:

– Ya kolları yarıb keçəcək, ya da üç yüz metr yuxarıdakı suya girib, şamlığa çatacağıq.

Çaya qayıdıb, suya girdik. Su düz palana qədər çatırdı. Atlar başı suyun bir qarış üstündə, ağır-ağır qəribə bir inilti ilə addımlayırdı. Üç metr yüksəklikdəki meşəyə heç bir çətinlik çəkmədən girdik və hündür şamların təpəsində yanıb-sönən gün işığı ilə gah aydınlanan, gah qaralan meşədən yarım saat sonra çıxdıq. Qarşımızda artıq qum ovası vardı.

Atlarımız yan-yana addımlayır, Əhməd öz dünyasında, mənsə öz aləmimdə idim.

Ah, mənim yaşıl yurdum! İki gün sonra torpağına ayaq basacağam. Sənin günəşinlə ürəyimi qızdıracağam. Ev-eşiklərindən didərgin düşmüş, səhər-axşam kolxoz tarlasında işləyib, ağlayan qadınların, qızların, uşaqların gözlərindən öpəcəyəm.

Həmin yay axşamı, atamın həbsxanaya aparılmasını üsyan hissi ilə xatırlayıram:

Atamı aparmışdılar. Hamımız sobanın qırağında, Bəkir anamın qolları arasında səssizcə ağlayırdı. Mən o vaxtlar hələ həyatın pis üzünü görməmiş, başa düşməmiş bir uşaqdım. Ancaq atam… Toxadan ovucları partlamış, qırışmış peysəri, yamaqlı köynəyinin içərisində zəif, yorğun, balaları üçün özünü oda-közə vuran atam pis adam idimi?! Həmin səhnə hələ də gözümün qabağından getmirdi.

Sönmüş soba, soyuq qazan, balkonda bayaq Məhərrəm bulağından doldurub gətirdiyim soyuq, tərli səhənglər və anamın qolları arasında biz… Cıqqırımızı çıxartmadan, göz yaşları tökən biz… Atam, yazıq atam pis insan idi?! Hara aparırdılar?! Niyə?! Nə səbəbə?! Bu formadaca oturub anamın göz yaşlarına baxırdıq. Elə bu vaxt qapı açıldı, içəri uzun, ucu iti süngülü tüfəngləri ilə dörd rus əsgəri girdi. İfritə Əsmanın Seyid-Əhmədi də əlində bir odun parçası, çəkmələrini dizinə qədər qaldırmış, uzun qara saçları alnına tökülmüş, gözləri qan içində o əsgərlərin yanında dayanmışdı. Bütün kənd ondan qorxurdu. Məscidin yanından divarlara tüpürərək keçirdi. Həmin vaxtlarda məhəlləyə körpü tikilməli idi. Kənddə daş yox imiş kimi, meydanda, ağsaqqal, yaşı səksəni keçmiş qocaların üstünə təpinə-təpinə qışqırmışdı:

– Bu məscidi söküb daşından körpü tikilmədikcə, tatar oğlu adam olmayacaq.

İfritə Əsmanın Seyid-Əhmədi otağın qapısını açıb əsgərlərə bəzi yerləri işarə verirdi. Rusca qışqırırdı. Biz onu və əsgərlərin danışığını başa düşmürdük. Əsgərlər süngülü tüfəngləri ilə yastıqlarımızı, yorğanlarımızı, döşəklərimizi dərmə-deşik edib, rəflərdən tavalarımızı yerə tökür, stəkan və fincanlarımızı ayaqları ilə qırırdılar. Balacalar boğula-boğula ağlaşırdı. Anamsa həmin dəqiqələrdə susur, saçımızı oxşayırdı. Əsgərlər çölə çıxmamışdan qabaq Əsmanın Seyid-Əhmədi balkonda səhəngləri qamarlayıb aşağı tulladı. Anam yenə soyuqqanlılığını itirmədi, tərpənmədi belə. Amma anamın bu halı İfritə Əsmanın Seyid-Əhmədini özündən çıxartdı. Qapıdan çıxarkən ləhcə ilə qışqırdı:

– Axmaq qarı! Bu qədər suyu neynəyəcəksən?! Bax, sabah kolxozun qapılarını da bağlayacam üzünə! Bu küçükləri su ilə doyuracaqsan! O böyük oğlunu da türməyə göndərəcəm!

Bu sözləri deyib, getdi. Anam titrəyən dodaqlarını dişləyirdi. Yavaş və qəhərli bir səslə dedi:

– Allah var, Seyid-Əhməd, Allah var…

Sözlər ağzından çıxar-çıxmaz solmuş yanaqlarından üzü aşağı bir damla göz yaşı süzüldü.

Anam! Hələ də o qorxunc xatirələrlə yaşayırmı? Birdən iki həftə sonra Polşaya qayıdanda, boynumdan qucaqlayıb, gözlərimdən öpüb:

– Getmə, balam, getmə… Yenə qırmızılar gələr, atanı tutarlar, – deyib məndən kömək istəsə, “getmə, saçı-başı ağarmış ananı qoyub getmə” deyə yalvarsa, nə edəcəm?

Bunları fikirləşirdim ki, yanımdakı Akın qamçısını uzadaraq dedi:

– Sadıq bəy, qarşıdakı evləri görürsünüzmü?

Birdən atımın başını Akına tərəf çevirib, onun göstərdiyi yerə baxmadan dilləndim:

– Ömrü boyu heç adam öldürmüsən, Akın?

Cavab vermədi. Gözümün içinə qəribə-qəribə baxdı.

– Səndən soruşuram. Heç insan öldürmüsən? Cavab versənə!

Başını aşağı əydi və asta səslə dilləndi:

– Öldürmüşəm, Sadıq bəy, öldürmüşəm.

– Adam öldürmək necə olur?

– Heç bilirəm ki? Təsəvvür edin, bura kolluqdu və mən kolluğun içindəyəm. Qabaqdan üstümə tərəf səkkiz, on, ya da iyirmi düşmən əsgəri gəlir… Mən beşaçılanımla onlara atəş açıram. Atdığım güllələr birinin qarnını, birinin ayağını, ciyərini deşir, ya da başına ilişir. Başından vurulanlar ölür, qarnından vurulanlar yarasını tutaraq inildəyir. Ayağından vurulan da…

– Bunları mən də bilirəm. İnsanın yaxasından tutub, iki qaşının ortasına güllə çaxmısan? Onu soruşuram. İnsanı dediyim kimi öldürəndə…

– Əzabından qorxursunuz?

– Görəsən, insan nə hiss edər?

– Bilmirəm. Mən heç kimi bu cür öldürməmişəm. Ona görə yalan deyərəm… Bəs siz?

– Mən öldürəcəyəm. Dediyim üsulla…

Akın söhbəti davam etdirmədən, atını qamçıladı. Uzaqda meşənin qaranlıq tərəfində bir-birindən xeyli aralıda dayanmış, dördbucaq formalı, ağ rəngli üç evə tərəf gedirdik. Akın fikirli idi. Öz-özü ilə danışırmış kimi dedi:

– Mənə qorxunu ölümə qorxusuz, narahatlıq keçirmədən baxan insanlar öyrətdilər.

Bunu deyərkən üzü saraldı və başını aşağı əyərək dedi:

– Mən öz əlimlə insan öldürmədim, Sadıq bəy, ancaq öldürəni gördüm.

Mənə tərəf dönərək dedi:

– 5 nömrəli əsir düşərgəsində gördüm. Düşərgənin arxasında, köhnə daş binanın divarının dibində gördüm. Səhər tezdən almanlar bizim kazarmadan on əsiri götürüb binanın arxasına apardılar… Mən də həmin on əsirin arasında idim. Almanlardan, “bizi hara aparırsınız”– deyə soruşduq. “Xidmətə aparırıq”– deyə gülərək cavab verdilər. Biz də sevinirdik.

Əhməd bura çatanda birdən dayandı və yəhərdə qurcalandı:

– Sonra? Xidmətə apardılar?

– Xidmətə… Bizi binanın arxasına apardılar. Divarın dibində qırx əsir sərilmişdi. Yerlər, divarlar başdan-ayağa qan içində idi. Bizə böyük bir çuxur qazdırdılar və ölüləri o çuxura atdıq. Həmin gündən sonra almanlar hər gün kazarmaya gəlib bizi həmin yerə aparıb, quyu qazdırırdılar.

Görəsən, mən, yoxsa Akın daha çox ölü görüb? Bu sualıma cavab tapmaq üçün soruşdum:

– Bir quyuya neçə ölü atırdınız?

Başını yellədi:

– Neçə ölü görmüşəm? Hardan bilim? Ölülərin sayını heç kim bilmirdi. Almanlar belə bilmirdilər. Səksən… yüz.. nə fərqi var axı. Mən sizə ölülərin hesabatını vermək istəmirəm. Gözünü belə, qırpmadan öldürən xainləri…

– Yəni?

Günəş düz təpəmizdə idi. Atlarımız yorğun-arğın başını sallayaraq irəliləyirdilər. Akın ağzından çıxan hər kəlmədə ürəyinin bir yarasının qaysağını qoparırmış kimi hekayəsini yavaş-yavaş danışırdı:

– Bəzən almanlar hələ işlərini qurtarmamış binaya yaxınlaşırdıq. Uzaqdan ölüləri, bəzən də ölümə gedənləri görürdük. Ölümə gedənlər səslərini çıxarmazdılar. Bəlkə, ən qorxunc olan mənzərə də elə bu səssizlik idi. Siz, ya qorxar, ya da qorxmazsınız… Mənsə qorxurdum. O adamların səssizliyində sarsılmaz bir qüvvə – xainlərin belə, ürəklərini titrədəcək qüvvə vardı. Mən o zalımların ürəklərini, düşüncələrini oxumaq istəyirdim. Öldürəndə görəsən, titrəyirdilərmi?

Dəqiqləşdirmək üçün soruşdum:

– Titrəyirdilər?

– Almanların içində Hans adlı qorxunc bir cəllad vardı. Düşərgədə biz ona “Qanlı Hans” deyirdik. Hərdən kimsə səhvən Hans desə, digəri qıraqdan qışqıraraq “Qanlı Hans” deyə, səhvini düzəldirdi. Özü də bu adla fəxr edirdi. Qısa boylu, eynəkli, soyuqda xəstə gözlərindən dayanmadan yaş axan biriydi. Mən Hansın insan öldürməyinə, cəllad olduğuna gözlərimlə görmədən heç cür inanmırdım. Günahsız, hətta mərhəmətli bir adama oxşayırdı. Oxşayırdı, dedim? Qəribədir, amma həqiqətən, mərhəmətli idi! Düşərgəyə həmişə əlində qalın paltar, bir də çəkmə ilə gəlirdi. Uzaqdan bütün əsirləri diqqətlə süzər, ən arıq, çılpaq əsirlərin arasından ən yazığını seçər, əlindəkiləri ona verib, gedərdi. Amma bir gün başqa, tamamilə fərqli Hansı gördüm. Həmin gündən sonra pəncərədən çölə baxa bilmirdim. Hansı, bütün almanları əlləri qanlı görürdüm. Ah, Sadıq bəy! Gördüklərimə özüm də inana bilmirəm. Adama yuxu kimi gəlir.

Akın susdu. Bir xeyli səssizcə getdik. Amma bir az sonra mən onun üzünə baxan kimi, yalın əli ilə qızmar alovdan şabalıd çıxardırmış kimi sözünə davam elədi:

– Biz ölüləri quyuya atırdıq. Bir az aralıda almanlar işlərini qurtarıb siqaret çəkirdilər. Əsirlərdən birini sürüyə-sürüyə binanın arxasına gətirdilər. Arıq, bap-balaca idi. Onu da öldürəcəkdilər. O da öldürülməli imiş… Adam indi də gözümün qabağından getmir. Anasını itirmiş bir uşaq kimi, xısın-xısın ağlayırdı. Necə də yazıq bir məxluqdu! Ona hansı əl qalxar, insan əli onu necə öldürə bilərdi?! Ancaq öldürdülər… Hans onu gözümün qabağındaca öldürdü. Yazıq təkcə son dəqiqələrində ağlamadı. Çirkli ovucları ilə göz yaşını, yanaqlarını sildi, yavaş-yavaş addımladı, quyunun qırağında diz çökdü. Amma Hans, “Ayağa, qalx!” – deyə əmr verdi. Mən Hansın onu öldürəcəyinə hələ də inanmırdım. Kürəyindən plaşını götürdü. Əsir lüt qaldı. Çuxurun qırağında yenidən aşağı çökdü, Hans sol əli ilə saçlarından tutub, sağ əlindəki tapançasının lüləyini ağzına soxdu və atəş açdı. Ağrısı nə qədər uzun çəkdi, sizcə? Dəqiq bilirəm ki, Hansın narahatlığı çox çəkmədi. Adamı öldürəndə səssiz və üzü donuq idi. Əsirin ağzından dirsəklərinə qədər bükülmüş ağ, tüksüz qollarına qırmızı qanlar fışqıranda güldü. Ayağının altındakı plaşa əllərini sildi, sonra cibindən siqaret qutusunu çıxarıb birini yandırdı. Yenə gülərək plaşı qoltuğunun altına qoyub düşərgə tərəfə addımladı.

Akın deyəcəklərini demişdi, ona görə də susdu. Mən də bu sükutdan istifadə edib, nə İfritə Əsmanın Seyid-Əhmədini, nə ölən əsiri, nə də Hansı fikirləşirdim. Bir anlıq Akının gözlərindəki soyuq baxışların arxasındakı həqiqi Akını görmək istədim, amma həmin dəqiqələrdə Akın cavabsız tapmaca kimi görünürdü. Birdən üzümü bütün dünyaya çevirib, bir boşluğa – məni heç kimin görməyəcəyi boşluğa özümü buraxmaq istədim.

Bepul matn qismi tugad.

16 762,51 s`om
33 525,01 s`om
−50%
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
16 noyabr 2022
Hajm:
250 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Yuklab olish formati:

O'xshash kitoblar