Kitobni o'qish: «Müşfiqli günlərim»

Shrift:

Müşfiqli günlərim


Hörmətli oxucular, “Müşfiqli günlərim” kitabının necə yaranması haqda sizə yazmaq istəyirəm. Müşfiqin ölümündən uzun illər keçirdi. 1958-ci ildə mən Bakıya köçdüm. Müşfiqin 50 illiyi idi. Müşfiqə həsr olunmuş bir neçə xatirə və şeirlərlə televiziya studiyasına getdim. Komitənin sədri hörmətli şairimiz Teymur Elçin idi. Mən onun qəbulunda oldum. Mənim Müşfiq haqqında kiçik xatirəmi, ona həsr olunmuş şeirlərimi oxudu. Oxuya-oxuya həyəcan keçirdiyini hiss edirdim. Teymur müəllim verdiyim yazıları oxuyub qurtarandan sonra dedi:

– Dilbər xanım, sizdən bir xahişim var. Müşfiqin həyatı haqqında öz xatirələrinizi yazın.

Mən fikrə getdim. Teymur Elçin öz xalqını, ədəbiyyatını sevən mehriban bir insan idi. Teymur müəllimə dedim, bilmirəm yaza bilərəmmi? O, yazarsan, çətinliyə düşsən köməklik edərəm, çap olunmasından da nigaran qalma, dedi. Mən elə o gündən onun sözlərindən ruhlanıb, başladım yazmağa.

Müşfiqin 50 illiyində onun haqqında radio və televiziyada çıxış etdim. Şairin 50 illiyi Azərbaycan Dövlət Universitetində təntənəli qeyd olundu.

Mən tez-tez Yazıçılar İttifaqına gedirdim. Gənc şairlərdən Cabir Novruz, Rəfiq Zəka, Əlağa Kürçaylı başıma toplaşırdılar. Müşfiqi xatırlayıb onun haqqında söhbətlər edirdik. Gənc şairlər hərdənbir bizə gəlir, mənim xatirələrimlə maraqlanırdılar.

Bir gün mən yenə Yazıçılar İttifaqına getdim. Gənc şair, Müşfiqi böyük məhəbbətlə sevən, onun haqqında şeirlər, kitablar yazan Rəfiq Zəka məni Mustafa İsgəndərzadə ilə tanış etdi. O, Yazıçılar İttifaqında klub müdiri işləyirdi. Gənc şairimiz Mustafa İsgəndərzadənin həyat yoldaşı Mənzərə xanım da həmin klubun işçisiydi. Bu gənc qadın elə mehriban, cazibəli idi ki… Biz xeyli söhbət etdik. Mustafa da gəldi. Mən onlara ev ünvanımı, telefon nömrəmi verdim. Onlar da ünvanlarını mənə verdilər. O gündən bizim dostluğumuz başladı, indi də bu dostluq davam edir. Bir gün onlar bizə gəldilər. Bir-birimizdən hal-əhval tutduq. Mən onlara xatirələrimi danışdım. Sevindilər. Mən xatirələrlə bərabər şeirlər yazırdım. Mustafa dedi: “Dilbər xanım, yazın, mən də sizə köməklik edərəm”. O öz sözünə əməl etdi. Onlar ailəlikcə bizə gəlir, məni ruhlandırırdılar. Mən də onlara gedirdim. Onlar mənim yazılarımın qüsurlu yerlərini düzəldirdilər. Mənzərə xanım da bədii ədəbiyyatın vurğunu idi. özü də uşaqlar üçün hekayələr yazırdı. Gənc şairlərdən Ağasəfa, Nüsrət Kəsəmənli, Səyavuş Sərxanlı və başqaları vaxtaşırı bizə toplaşırdılar. Şeir məclisi qurulurdu. Mənim xatirələrimi, şeirlərimi, öz şeirlərini oxuyurdular. Mən öz yazdıqlarımı çapa verməyə utanırdım. Bir dəfə hörmətli alimimiz, tənqidçi Qulu Xəlilov bizə gəlmişdi. Mən xatirələrimi ona verdim ki, oxusun. Qulu müəllim oxudu və yaxşı rəy söylədi. Mən bundan daha da ruhlandım. Kitabın birinci nəşrində “Gənclik” nəşriyyatı çox hissəsini ixtisar etmişdi. Mən bu haqda Qulu müəllimə dedim. Kitabın ikinci nəşrində əsərin redaktorluğunu öz üzərinə götürdü. Əsər haqqında “Ədəbiyyat və incəsənət” qəzetində “Sevib sevilən şair” başlığı altında böyük məqalə yazdı. Qulu müəllim mənə deyirdi ki, Müşfiq haqqında nə qədər yazırdılar, Müşfiqi yaxşı tanıya bilmirdik. Sənin xatirələrini oxuyandan sonra elə bil ki, günəşin üzündən buludları qovub bizə təqdim edibsən.

Mustafa İsgəndərzadə mənim xatirələrimi oxuyandan sonra Müşfiq haqda dram yazmaq fikrinə düşdü. Yazdı da. “Səni kim unudar” pyesi Naxçıvanda, Bakıda mərhum Adil İsgəndərovun rəhbərliyi ilə “Aktyor evi”ndə oynandı. Dram əvvəlcə “Azərbaycan” jurnalında çap edildi. Sonra da 1980-ci ildə Mustafanın “Çinarım, baharım” adlı kitabında çapdan çıxdı. “Səni kim unudar” adlı dramatik poemanın tamaşası 1978-ci ildə Komsomolun 60 illiyinə həsr olunmuş Respublika xalq teatrına baxış müsabiqəsində birinci yeri tutmuşdur.

Mən həmişə dostlarıma deyirdim ki, nə yaxşı xeyirxah insanlar var. Onlar olmasa idi, bəlkə də mən indiyə kimi yaşaya bilməzdim. Günəş göy üzünü bəzədiyi kimi, xeyirxah insanlar da insan mənəviyyatını bəzəyirlər. Həyata məhəbbət oyadırlar.

* * *

Müşfiq elə nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi. Lakin Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəsli kimi xatırlayıram.

Hər il bahar fəsli gələndə, quşlar səs-səsə verib oxuyanda mən onu baharın qoynunda axtarıram.

 
Sanıram bülbülün cəh-cəhi səsindi,
Güllərin ətri də xoş nəfəsindi.
O coşğun ürəyin, de, Xəzərimmi,
Yoxsa şeirə olan ilk həvəsindi?!
 

1931-ci ilin bahar fəslinin son ayı idi. Məktəbdən yenicə gəlmişdim. Birdən qapı açıldı, əmim arvadı Fəramuş sevincək içəri girdi:

– Həcər, Dilbər, tez olun, yığışın, gedirik!

– Nə var, ay bacı? Bizi hara aparırsan? – deyə Həcər soruşdu.

– APİ-yə, bu axşam institutu qurtarmağımız münasibətilə buraxılış gecəsi olacaqdır. Getmək istəmirsiniz?

Bu xəbər bizi də çox sevindirdi.

– Niyə istəmirik? – dedik.

Tələsik geyinib instituta yollandıq.

Biz salona daxil olanda orada böyük canlanma var idi. Yığıncağın başlanmasına az qalırdı. Yoldaşlarımızın sevincinin həddi-hüdudu yox idi. Niyə də sevinməyəydilər! Axı bu gün dörd il qoynunda təlim-tərbiyə aldıqları doğma institutu bitirir, öz arzularının yeni pilləsinə qədəm qoyurdular.

Biz müsamirənin başlanmağına hələ bir qədər qaldığını görüb, foyedə gəzinməyə başladıq. Pəncərənin qabağında bir neçə gənc dayanıb söhbət edirdi. Onların yanından ötəndə ortaboylu, enlikürək, qaragöz, qaraqaş, iti baxışlı bir gənc yoldaşlarından ayrılıb bizə sarı gəldi. Əmim arvadı bu gənclə çox səmimi görüşdü və onu bizə təqdim etdi:

– Tanış olun, mənim tələbə yoldaşım Mikayıl Müşfiqdir.

Ona isə:

– Bu, mənim bacım Həcər, bu da qaynımın qızı Dilbərdir, – dedi.

Mən Müşfiqin adını eşitmişdim, ancaq onunla bu gün şəxsən tanış olurdum.

Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil bugünkü təntənə onu sevindirmirdi. Bunu hiss edən Fəramuş:

– Gözümə birtəhər dəyirsən, Müşfiq! Olmaya institutu bitirməyimizə sevinmirsən? – deyib onunla zarafat elədi.

Müşfiq:

– Yox, Fəramuş bacı, tələbəlik illərinin belə tez başa çatdığına heyfsilənirəm, – dedi. Bir anlıq sükutdan sonra əlavə etdi: – Çox şadam ki, sizin ailə üzvlərinizlə tanış oldum. Bəs İdris müəllim necədir, niyə gəlməyib?

Əmim arvadı əmimin axşam dərsi olduğunu söylədi.

Biz Müşfiqi ali məktəbi qurtarmağı münasibətilə təbrik etdik.

– Çox sağ olun, arzu edirəm ki, siz də bütün diləklərinizə qovuşasınız, – dedi.

Sonra mənə məlum oldu ki, Müşfiq əmim İdris Axundzadənin dostu imiş.

Mən əmimin də dilindən tez-tez Müşfiqin adını eşidirdim. O, ədəbiyyat müəllimi idi, yazıçı və şairləri çox sevər, onlarla dostluq edərdi. Onun vasitəsilə bir çox qocaman və cavan ədiblərlə tanış olmuşdum. O zaman ən çox tanınan və sevilən şairlərdən H.Cavid, Ə.Cavad, A.Şaiq və başqaları bizə tez-tez gələrdilər. Onlar bizdə ədəbiyyat barədə maraqlı söhbətlər edər, təzə dərc olunan əsərlər və publisist məqalələrdən söz salardılar. Mən onların bir çox şeirlərini də öz dillərindən bu məclislərdə eşitmişdim. Onlar şeiri elə ahənglə oxuyardılar ki, adam heyran qalardı. Müsahibə zamanı, o vaxt ədəbiyyata yenicə qədəm qoyan gənc şairlərdən də tez-tez söhbət düşürdü və istedadlı cavanların arasında onlar Müşfiqin də adını çəkirdilər.

Bu sadə və qayğıkeş insanlara olan məhəbbətim, məndə ədəbiyyata lap uşaqlıqdan böyük həvəs oyatmışdı. Mən mütaliədən, şeir əzbərləməkdən doymazdım.

Müşfiqlə ilk tanışlığımızdan sonra açığını deyim ki, rəfiqələrimdə də, məndə də şeirə maraq və hörmət daha da artdı.

Biz hər gün təzə şeirlər, təzə əsərlər oxuya-oxuya günləri, ayları, illəri bir-bir yola saldıqca ədəbiyyat aləminə təzə qədəm qoymuş gənc şairlər böyük sələflərini əvəz etməyə başlayırdılar.

1930-cu ildə mən Bakı pedtexnikumunda oxuyurdum. Biz gecə-gündüz orada qalırdıq. Məktəbimizdə möhkəm nizam-intizam var idi. Müəllimlərimiz, tərbiyəçilərimiz bizi doğma balaları qədər istəyirdilər. Onlar bizə məktəbi sevməyi, fənləri mənimsəməkdə böyük məsuliyyət hissini, yoldaşa səmimi münasibəti, qayğıkeş olmağı, ictimai mülkiyyəti qorumağı, mədəni davranmağı öyrədir, bizi sosializm quruculuğu işinə fəal mübarizlər kimi hazırlayırdılar.

Məktəbimizin nəzdində dram, foto, tar, ədəbiyyat və s. dərnəklər var idi. Mən də ədəbiyyat dərnəyinin üzvü idim. Növbəti məşğələ zamanı kim isə dərnəyin rəhbərinə bir kitab verdi. Bu, gənc şair Mikayıl Müşfiqin yenicə çapdan çıxmış “Küləklər” kitabı idi. Həmin məşğələdə kitabdakı şeirlərin əksəriyyətini oxuyub müzakirə etdik. “Pedtexnikum” şeiri daha çox xoşumuza gəldi. Biz elə bu şeirdən bildik ki, Müşfiq də vaxtilə burada oxuyurmuş. Bugünkü məşğələmiz əvvəlkindən daha canlı və təsirli keçdi. Biz məşğələni həyatı sonsuz məhəbbətlə sevən, insan hisslərini coşğun ilhamla tərənnüm edən şairin şirin, incə şeirlərinin təsiri ilə başa vurduq.

İstirahət axşamlarının birində texnikuma gedirdim. Kommunist (indiki İstiqlal – red.) küçəsində təsadüfən Müşfiqlə rastlaşdım. O, məni görcək ayaq saxlayıb salam verdi. Bu təsadüfi görüşdən onun sevindiyi açıq-aşkar hiss olunurdu. Mən özümü itirdim. Müşfiq gülümsünüb mehriban səslə:

– Nə xoş təsadüf… Hara gedirsən, Dilbər? – deyə soruşdu.

– Texnikuma…

Mənim həyəcanlandığım Müşfiqin gözündən qaçmadı.

– Niyə tutuldun, Dilbər? Yoxsa…

– Heç …

O məni anladı və söhbəti dəyişdi:

– Məni unutmamışdın ki?

Birdən-birə mənə qəribə bir cürət gəldi:

– Sizi heç unutmaq olar?! – dedim. – Siz yadıma düşəndə “Küləklər”ə qoşuluram. Sizin bir neçə şeirinizi əzbərdən bilirəm.

Müşfiqin üzü səadət nuruna boyandı.

 
Heç güman etməzdim şeirə vurulduğunu,
Yaxşı ki, öz dilinlə söylədin bunu.
 

Müşfiqin bir anlıq sevincinin o dəqiqə şeirə çevrilməsi xoşuma gəldi. O, bunu hiss edib dedi:

– Madam ki, mənim şeirlərimi sevirsən, onda izin ver, ilk yazılarımı əvvəlcə sənə oxuyum.

Mən susdum.

Müşfiq yenə söhbəti dəyişdi:

– İcazə ver səni məktəbəcən ötürüm. Orada mənim də dostlarım, tanışlarım var: şair Əli Nəzminin qızı Pirayə, Ziba, Münəvvər…

– Onlar mənim rəfiqələrimdir, – dedim.

– Lap yaxşı, bir yerdə gedərik, mən də onları görərəm.

– Yox, sağ olun, özüm tək gedəcəyəm, siz də başqa bir vaxt özünüz gələrsiniz…

Müşfiq üz vurmadı.

– Nə deyirəm. Elə isə məndən qızlara salam de!

İlk dəfə evdən pedtexnikuma qəribə duyğularla, qeyri-adi hisslərlə ayaq basdım. Bunu duyan qızlar başıma toplaşıb hal-əhval tutdular:

– Nə olub, Dilbər, niyə belə birtəhərsən? Olmaya bir hadisə baş verib?

– Yox, heç nə olmayıb…

– Bəs niyə belə pərişansan?

– Heç özüm də bilmirəm…

Qızlar əl çəkmədilər. Müşfiqlə təsadüfi görüşümü onlara danışmağa məcbur oldum. Onun salamını qızlara yetirdim.

Qızlar xoşhal oldular. Rəfiqələrimdən Münəvvər Əliyeva Müşfiqin uşaqlıq illərindən bizə maraqlı epizodlar söylədi.

Münəvvər Əliyevanın xatirəsindən yadımda qalanlar bunlardır:

“Biz Mikayılla bacı-qardaşıq. Eyni ata-anadan olmasaq da, onun xətrini qardaşlarım qədər istəyirəm. Mən Mikayılla 1923- cü ildən tanışam. Onda Mikayılın 14-15 yaşı olardı. Mənim isə 10 yaşım var idi. Böyük qardaşım Lütfi ilə Mikayılın böyük qardaşı Mirzə bir yerdə işləyirdilər. Möhkəm dost idilər. Bir gün qardaşım Bakıya, Mirzəgilə qonaq gəlir və ilk dəfə Mikayılla burada tanış olur. Söhbət vaxtı Mirzə, kiçik qardaşının başını sığallaya-sığallaya deyir: – Mikayıl altıaylıq olanda anam Züleyxa, altı yaşında ikən atam Mirzə Əbdülqadir vəfat etmişdir. İndi onların qüssəsini unutduran Mikayıldır. O, mənim həm arxam, həm sirdaşımdır. Mikayıl atama məndən çox oxşayır. O da atam kimi həssas, qayğıkeş, zəhmətsevəndir. Gecə-gündüz kitab əlindən düşmür. Oxuduğu şeirlərin əksəriyyətini əzbərləyir. Vaqifi, Seyid Əzimi, Sabiri heyranlıqla mütaliə edir. Mənim atam Mirzə Əbdülqədir də müəllim, eyni zamanda şair idi, ləqəbi də Vüsuqi idi.

Qardaşım belə bir şair ailəsi ilə dost olduğu üçün fəxr edirdi.

Bizim ailədə şairə, ədibə xüsusi hörmət var idi. Bu hörmət atam Yaznalının sayəsində idi. O, Aşıq Ələsgərin yaxın dostu olmuşdu. Hərdən özü də qoşma deyərdi.

Bir dəfə qardaşım Bakıdan Gəncəyə qayıdan vaxt Mirzədən xahiş edir ki, yay tətilində Mikayılı özü ilə bizə gətirsin. Mikayılın ilk dəfə Gəncəyə, bizə qonaq gəlməsini xatırlayıram. Qardaşım Mikayılı hamımıza təqdim etdi:

– Bu qara bala da, sizin qardaşınız olacaqdır, – dedi. – Əgər məni sevirsinizsə, Mikayılla həqiqi qardaş olduğunuzu isbat edin.

Anam evə gələndən sonra qardaşım üzünü ona tutdu:

– Anacan, bu oğlanı özümə qardaş gətirmişəm. İndi Mikayıl həm Mirzənin, həm də mənim qardaşımdır.

Anam, Mikayılın ata-anasını kiçik yaşlarında itirməsindən çox mütəəssir oldu. Mikayılı balası kimi bağrına basıb öpdü: – Atalar üç deyib, oğlum iki idi, indi də üç oldu, – dedi. O gündən, doğrudan da Mikayıl bizə, biz də Mikayıla elə isinişdik ki, sanki Mikayıl bizim ailədə doğulmuşdu.

Yay fəsli yenicə girmişdi. Biz Ermənistanın Basarkeçər rayonunun Böyük Məzrə kəndinə gedib, orada Sona bulağının üstündə alaçıq qurduq. Hamımız hiss edirdik ki, Göyçənin füsunkar gözəlliyi, sağlam təbiəti, zəhmətsevən insanları kiçik Mikayılda da gözəl təsir oyadır, heç bir şey bu coşqun təbiətli yeniyetmənin diqqətindən qaçmır. Çox vaxt hamımızdan ayrılıb, əlində qələm-dəftər, çayların kənarında, qayaların üstündə oturub güllü-çiçəkli dərələrə, dağlara məftunluqla baxa-baxa xəyala dalar, hərdən nə isə yazardı.

Bir dəfə Müşfiq, atamın Aşıq Ələsgərlə dost olduğunu eşitdi. Ondan sonra atamdan əl çəkmədi. Atamın sinəsi xalq nağılları, bayatılar, atalar sözləri ilə dolu idi. Aşıq Ələsgərin çox qoşmalarını əzbər bilirdi. Özünün də yaxşı səsi var idi. Atam həmin qoşmalardan avazla oxuduqda Mikayıl sevincindən özünü itirərdi. Tez qələm-dəftər götürüb: “Əmi, xahiş edirəm onları bir də de, yazım” – deyərdi.

Bizim qaldığımız yer Göyçə gölünə yaxın idi. Tez-tez gölün sahilinə gəzməyə gedərdik. Müşfiq hər il bizimlə Göyçəyə gedəndə sevinərdi ki, Göyçə gölünü bir də görəcək. Mikayılın əlyazmasından bir şeir dəftərini yadigar saxlamışdım. Qismət olsa gətirib uşaqlıq şeirlərini oxuyaram”.

Müşfiqin barəsində, onun xalası oğlu Ağakərim Kərimov da (hazırda təqaüdə çıxıb, Xızı kəndində yaşayır) bu yaxınlarda mənə kiçik bir xatirə danışmışdır. Həmin xatirəni də oxuculara çatdırıram. “Mən mollaxanada oxuyanda, Müşfiq 8-9 yaşlı uşaq idi. Bir dəfə mənimlə mollaxanaya getdi. Məktəbdən gəldikdən sonra mollanın dərs deməyini, mollaxananı lağa qoyub gülməyə başladı:

“Məktəb nə məktəb, molla nə molla! Adamın lap bağrı yarılır”, – deyib mənə mollanın yanına getməməyi məsləhət gördü. Hələ bir həcv də yazdı. Həmin həcvdən yadımda bu sətirlər qalıb:

 
Uşaqlar əyləşib yerə,
Cındır həsir – dolu birə,
Belə molla yerə girə!
De görüm bu molla Hara mollasıdır?
Yoxsa, bu molla qara mollasıdır?
 

Mollaxana haqqında yazdığı bu həcvi eşidəndə qohumları təşvişə düşür, nənəsi Qızqayıt Mikayılı yanına çağırıb, ona öyüd-nəsihət verməyə başlayır:

– Ay bala, yetim uşaqsan, özünü də, bizi də işə salarsan. Molla eşidər, sənə küfr oxuyar, deyər: oxşayıb oxşamışlarına. Mollaxananı heç atan Mirzə Qədirin də görməyə gözü yox idi. Ona görə də gedib “Səadət” məktəbində uşaqlara hər cür elm öyrədirdi.

Mikayıl isə: – Nənə, mən Cəfər kimi şair olacağam, – deyib özünəməxsus bir hərəkətlə onun şeirini dedi:

 
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.
 

Qızqayıt xala fikrə gedər və deyərdi: – Cəfərin yolu ilə gedəcəksənsə, evimiz yıxıldı. Elə sizləri yoldan çıxaran Cəfər kimi adamlardır. Məgər Cəfər az əzab çəkir, onu gündə Dumaya çağırırlar. Bax, Cəfər bu gecə qardaşı oğlu Heydərin toyuna getmişdi. Hələ gəlməyib, Şahbikə səhərə kimi yatmayıb. Axırda öyrənib ki, Cəfəri Dumaya aparıblar. Səni də Dumaya apararlar. Yetim uşaqsan, mən də bu ağrıyan ayaqlarımla sənin dalınca gələ bilmərəm.

Lakin bu kimi sözlər Müşfiqin əqidəsinə uyğun gəlmirdi. O, çox cəsarətli olduğundan sözü üzə deməkdən çəkinmirdi. Nənəsini başa salmağa çalışırdı ki, o, ancaq şair olacaqdır. Uşaqlıqdan şeirə belə həvəs göstərən Mikayıl sözün əsl mənasında çoxlu şeirlər yazardı. Ancaq o vaxt şeirlərini toplayıb saxlamamışıq. O öz hafizəsinə arxayın olduğu üçün hər şeiri köçürməzdi”.

Mikayıl Müşfiq bir dərəcəli 10 nömrəli məktəbdə Respublikanın xalq artisti Şəmsi Bədəlbəyli ilə üç il eyni sinifdə parta arxasında oturmuş, birlikdə oxumuşdu. Onun xatirələrindən məlum olur ki, Müşfiq hələ lap uşaq yaşlarından şeir yazıb məktəbin divar qəzetində “Yel döyən oğlu Səbayıl” imzası ilə dərc etdirmişdir.

Bir axşam rəfiqəm Pirayə sevinə-sevinə mənə yanaşdı. Onun üzündə qeyri-adi bir təbəssüm və həyəcan vardı.

– Dilbər, sənə şad xəbər verəcəyəm, – dedi.

Mən sual dolu gözlərimi ona dikdim.

– Sənə Müşfiqdən məktub gətirmişəm, al!..

Yerimdə donub qaldım.

– Nə oldu, Dilbər? Al oxu, görək nə yazıb!

Məktubu bərabər oxuduq. Müşfiq ilk görüşümüzdən aldığı təəssürat əsasında iki şeir yazmışdı. Sonralar həmin “İşidir” rədifli qoşmasının yaranma tarixini mənə danışdı. Sən demə, müsamirədə olduğumuz gecə, mən, sinəmə düşən uzun qara hörüklərimi geri atanda, Müşfiqin üzünə toxunubmuş. (Bəlkə də toxunmayıbmış.) Ancaq o məni inandırmağa çalışırdı ki, guya o günü onu ətirli bahar küləyi vurmuşdur… Həmin qoşma belə idi.

 
Xayır, hörüklərin deyildir ilan,
O əski şairlər söyləmiş yalan.
Məni xəyal kimi ayağa salan,
– O coşqun dalğalı telin işidir…
 

“Əbədi sevgi” şeirindən həmin gecəni xatırladan misraları da oxucuların nəzərinə çatdırmaq istəyirəm:

 
Xatırla, sevgilim, bir axşam çağı,
Yandı gözlərimdə eşqin çırağı.
Saçlarından ilham aldığım zaman,
Sardı gözlərimi incə bir duman,
Nə yüksəyi gördüm, nə də alçağı.
 

Şeirlər xoşumuza gəldi. Məktubun sonunda Müşfiq mənə öz səmimi hiss və məhəbbətindən yazırdı.

Pirayə mənim üzümə mənalı baxıb dedi:

– Hə, nə deyirsən, Dilbər? Müşfiq kimi oğlanın ürəyini qırmaq olmaz!

Mən elə bil iki yol ayrıcında qalmışdım. Pirayə birdən boynumu qucaqlayıb üz-gözümdən öpdü və dedi:

– Olmaya tərəddüd edirsən, Dilbər? Mən Müşfiqi yaxşı tanıyıram. Ona inan! Onun məhəbbəti sənin əsl səadətindir.

Mən Pirayəyə öz minnətdarlığımı bildirdim. O gecə yuxum ərşə çəkildi. Oxuduğum kitablardakı aşiqlərin surətləri bir-bir gözlərimdə canlanmağa başladı. Onların arzuları, düşüncələri, keçdiyi həyat yolları, aqibətləri haqqında düşündüm. Müşfiqi və özümü onlarla müqayisə etməyə başladım. Nə mən, nə də Müşfiq onların heç birinə bənzəmirdik. Bizim sevib-sevilməyə, gələcək müqəddəratımızı özümüzün həll etməyə hər cür imkanımız və ixtiyarımız var idi. Mən Müşfiqin səmimiyyətinə və sədaqətinə inanırdım. Bəs məni susmağa vadar edən nə idi? Yoxsa bu məhəbbətin mənim təhsilimə mane olacağından qorxurdum.

Mən uzun zaman onun məktublarını cavabsız qoyar, görüşünə getməz, gedəndə də rəfiqələrimlə gedib tezcə də qayıdardım. Bunun səbəbi, bəlkə də o idi ki, bu gənc şairdə mənə olan ciddi, mənalı və dərin məhəbbəti birdən-birə dərk etmirdim…

Müşfiqin dayısı Ağamehdigil mənim rəfiqəm Zibanın böyük bacısı ilə bir həyətdə yaşayırdılar. Bir gün Ziba seminariyada mənə yanaşıb dedi:

– Müşfiqin dayısıgil bahar bayramı şərəfinə məclis düzəltmişdilər. Bizi də dəvət etmişdilər. Müşfiq də mənim yanımda oturmuşdu. Məclisin şirin yerində gördüm tutulub. Mən ondan bunun səbəbini soruşdum. Dedi: – Dilbər yadıma düşüb, gərək gedəm görəm. – Məclisdəkilərə səhhətinin pis olduğunu bildirib onlardan üzr istədi və məclisi tərk etdi.

Sonra Ziba ərk ilə mənə baxıb dedi:

– Dilbər, Müşfiqi incitmə. O səni tez-tez görməyəndə darıxır, bir yerdə qərar tutmur. Şair qəlbi kövrək olur. Onunla ehtiyatlı ol.

Bu söhbətdən bir neçə gün sonra Ziba yanıma gəlib Müşfiqin məni çağırdığını dedi. Mən onun sözünü yerə salmadım. Küçəyə çıxanda Müşfiqin necə həyəcan və narahatlıqla yolumu gözlədiyini gördüm. O məni görən kimi sevindi və irəli gəldi. Görüşdük. Baxışları küskün, çöhrəsi dalğın idi. O, birdən mənə elə baxdı ki, sanki baxışlarından üstümə qığılcım yağdırdı. Lakin düşündüyüm kimi olmadı; məni çox mehriban və səmimi dindirdi:

– Necəsən, Dilbər?

– Çox sağ olun, yaxşıyam. Bəs siz necəsiniz?

Mənə elə gəldi ki, sualımın cavabında umu-küsü edəcək. Lakin o ürəyindən keçənləri gizlədə bildi.

– Niyə, pis deyiləm, – dedi. Baxışlarını ətrafda dolandırıb birdən mənim üzərimdə saxladı. – Dilbər, əgər vaxtın varsa, gəl Pionerlər (indiki Ə.Vahid – red.) bağına gedək. Sənə deyiləsi çoxlu sözüm var.

Mən getmək istəmədim. O, təkid etdi:

– Məktubumu aldınmı?

– Bəli.

– Bəs niyə cavab yazmadın?

– Şair məktubuna cavab yazmaq o qədər də asan deyildir.

Sözlərim Müşfiqin eynini açdı.

– Mənim məktubumun cavabında ürəyin nə istəsə yaz, – dedi.

Mən gülümsündüm.

Biz ətrafdakı gül-çiçək əkilmiş fəvvarəli hovuzun yanındakı skamyaya çatdıq.

– Bəlkə bir az oturaq, Dilbər?

– Nə deyirəm…

Yaşıl budaqların çətiri altında yanaşı əyləşdik.

– Dilbər, bilmirəm sən niyə mənimlə belə soyuq rəftar edirsən? Mənimlə danışanda rəngin allaşır. Özün də ayağının birini həmişə qaçaq qoyursan. Dilbər, sən bilirsən ki, mən səni sevirəm. Yoxsa mənim sevgimi özünə layiq bilmirsən?

Mən dinmədim. O, sual dolu baxışlarını üzümə zilləyib dedi:

– Mən sənin gözlərinə məftunam. Bir gözün rəhmə gələndə, o biri ona düşmən olur. Bu, nədəndir?

O, birdən yerindən qalxıb önümdə dayandı. Onun bu hərəkəti mənə qəribə göründü. Mən indicə onun nəsə edəcəyini düşündüm. Yalvarış dolu baxışlarını üzümdən çəkmədən bu şeiri dedi:

 
Qara qaş üstünə tökər qarını,
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?
 

Müşfiq şeiri elə bir ahənglə oxudu ki, ürəyim yarpaq kimi titrədi.

– Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən?

– Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!

Mən qeyri-iradi onun gözlərinə baxdım.

– Niyə birtəhər baxdın, Dilbər? Olmaya sözlərimə inanmırsan?

Mən gülümsündüm.

– Söhbətimiz uzandı, mən isə məktəbə gecikirəm. İcazə versən, gedərəm.

– Nə deyirəm, get. Ancaq səndən bir xahişim var.

– Buyur, – dedim.

– Xahiş edirəm, tez-tez görüşə gəlməyə razılıq verəsən.

– Bir şərtlə!

– Hər nə desən göz üstədir, söylə görüm şərtin nədir?

– Görüşə gələndə təzə şeir gətirməyi unutma.

Mən sanki bu sözlə ona dünyanı bağışladım.

– Sən görüşə gəlməkdə ol, mən o qədər şeir gətirim ki, oxuyub qurtara bilməyəsən. İstəsən, səni lap şeirlə bəzərəm.

O iti nəzərlərlə başdan-ayağa məni süzdü və baxışlarını yaşıl budaqlara zillədi. Mənə elə gəldi ki, onun xəyalı bir anlıq harasa gedib qayıtdı. Təbəssüm dodaqlarını tərk etdi. Baxışları qatılaşdı. Onun bu halı mənə çox qəribə göründü. Birdən mənə tərəf döndü:

– Dilbər, xahiş edirəm incimə, – dedi, – ürəyimə bir-iki sətir söz gəldi, qoy deyim.

– Heç şeirə xahiş olar? – dedim.

Mehriban nəzərləri yenə də üzümdə gəzdi və bədahətən bu şeiri dedi:

 
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamamən görkəmi səmən kimidir.
 
 
Nə arzu eyləsən, könlümdə vardır,
Eşqimin səhəri bir ilk bahardır.
Ona könül verən nə bəxtiyardır,
Fikrim, hissim təzə gülşən kimidir.
 
 
Müşfiqin ürəyi yanaqdan incə,
Titrəyir bir xəfif rüzgar əsincə.
Məşuqun ayağı haraya dəysə, –
Orası aşiqə vətən kimidir.
 

Biz ilk görüş yerindən pedtexnikuma tərəf yollandıq. İkimiz də xoşbəxt idik. Gözümüzə küçələr, binalar, qarşımıza çıxan adamlar hamısı əlvan, qəşəng və xoşbəxt görünürdü.

İndiki Azərbaycan Yazıçılar İttifaqı o zaman “Proletar Yazıçılar Assosiasiyası” adlanırdı. Bu cəmiyyət öz üzvlərini tez-tez qəsəbələrə, zavodlara, fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlə və qulluqçular qarşısında çıxış edərək, yeni həyatdan bəhs edən əsərlərlə dinləyiciləri sosializm quruculuğu işinə ruhlandırır, mədəniyyət işçilərinə yaxından kömək edirdilər. Müşfiq də bu işdə fəaliyyət göstərir, çox vaxt fəhlə, qulluqçu və tələbələrin auditoriyalarında çıxış etməyi sevirdi. Yadıma gəlir ki, bu sahədə həvəslə çalışan gənc şairlər barədə “Ədəbiyyat və incəsənət” qəzetində (1932-ci il 25 mart) çap olunan məqalədə Müşfiq də təriflənmişdi.

Bir gün ədəbiyyat dərnəyimizin məşğələsi idi. Bir də gördüm Müşfiq bizim məktəbə gəlib. Məktəbin müəllimləri və ədəbiyyat həvəskarları Müşfiqin başına toplaşdı.

Ona müxtəlif suallar verirdilər. Müşfiq hamıya ehtiram və nəzakətlə cavab verirdi. Mən pəncərənin qabağında dayanmışdım. Tələbələrlə söhbətini qurtarıb yanıma gəldi, görüşdü və dedi ki, dərnəyimizə rəhbərlik edəcək. Sevindim. Müşfiq cibindən bir kağız çıxarıb mənə verdi.

– Oxuyarsan, – dedi, – sənsiz keçən günlərimin təsviridir.

Aldım, şeir olduğunu gördüm. Şeiri mənə həsr etmişdi. Növbəti məşğələmiz başlandı. Ədəbiyyat müəllimimiz Müşfiqi dərnək üzvlərinə təqdim etdi. Bu gündən dərnəyin rəhbəri olacağını dedi. Hamı Müşfiqi gurultulu alqışlarla qarşıladı.

Müşfiqin məşğələmizi necə maraqla aparmasını xatırlayıram. Hər söhbətini dərin mənalı atalar məsəlləri, gözəl şeir parçaları ilə bəzəyərdi. Hamı məşğələ vaxtının uzanmasını arzulayırdı.

İlk məşğələmiz qurtarandan sonra Müşfiq mənə dedi:

– Dilbər, mən Bayıldakı maarif evində təşkil olunmuş ədəbiyyat dərnəyinin də rəhbəriyəm. İstirahət günü bizim klubda ədəbi-bədii gecəmiz olacaq. Əgər maraqlansan, səni də apararam.

Mən:

– Məmnuniyyətlə gedərəm, – dedim.

Müşfiq:

– Onda birlikdə gedərik, – dedi və sağollaşıb məndən ayrıldı.

İkinci dəfə Müşfiqlə ədəbi gecədə iştirak elədim.

Həmin gecədən sonra bir müddət Müşfiqdən xəbər çıxmadı. Ürəyimə cürbəcür fikirlər gəlirdi. Nigaranlıq məni əldən salırdı.

Ürəyim dözmədi. Ağamehdi dayıgilə zəng vurdum. Müşfiqin səhhətinin yaxşı olduğunu dedilər. Ürəyim sakit oldu.

Bir gün məktəbin həyətində oturub kitab oxuyurdum. Sinif yoldaşlarımdan biri mənə yanaşıb bir məktub verdi.

– Buyur, Müşfiqdəndir, – dedi. Üstəlik əlavə etdi:

– Dilbər, o sənə təzə şeirlər göndərəndə bizə də oxu. Onun şeirlərinin vurğunu təkcə sən deyilsən.

Mən çox sevindim: – Mütləq oxuyaram, – dedim və tələsik məktubu açıb oxudum.

Müşfiq məktubun əvvəlində neçə vaxtdır gəlmədiyinin səbəbini yazırdı. Məndən üzr istəyirdi. Eyni zamanda dərsdən sonra məni görüşə çağırırdı. Mənim Müşfiqi telefonla axtarmağım onu xeyli sevindirmişdi. Bunun müqabilində mənə öz minnətdarlığını bildirdi. Onun üçün qeyri-adi olan bu hadisəyə şeir də yazmışdı. Həmin şeirdən bu misralar yadımda qalıb.

 
Eşitdim aramısan sən dün məni telefonla,
Gəl sevgilim, çıxaq qoşa bu uğurlu aydın yola.
 

Ertəsi gün dərsdən sonra bizim komsomol iclasımız oldu, iclasımız gec qurtardı. Zənn etdim ki, Müşfiq mənim gecikdiyimi görüb çıxıb gedəcək. Yenə də dözə bilmədim, dedim gedib baxım. Gəlib həmin yerə çatdıqda gördüm ki, Müşfiq skamyada oturub nə isə yazır. Məni görcək sevinə-sevinə ayağa durdu.

– Müşfiq, üzr istəyirəm, – dedim, – səni çox gözlətmişəm, komsomol iclasımız var idi, gec qurtardı. Düzünü de, məndən incimədin ki?

– Yox, gözlədim-gözlədim, gəlmədin, axır qəlbimin odunu şeirə tökdüm.

Biz söhbət edə-edə gəlib skamyada oturduq. O mənə təzəcə yazdığı “Neçin gəlmədin” şeirini oxudu:

 
Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin?
Şəhdi-vüsalından üzüldü əlim,
Ey dilbər afətim, neçin gəlmədin?
Əlimdəki qələm bir sədəfi saz,
Nə qədər səninçün coşar, yorulmaz!
 
 
Aramızda olan zəncir qırılmaz,
Ey sözüm-söhbətim, neçin gəlmədin?
Gözlədim yolunu, hava qaraldı,
Bu qaranlıq hava ruhumu sardı.
Səndən qəmgin könül sevinc umardı,
Sən ey səadətim, neçin gəlmədin?
 

Müşfiq şeiri oxuyarkən əlini şeirin ahənginə uyğun qaldırıb-endirir, məni büllur səsi, saf və pak hissləri ilə heyran qoyurdu.

Sonra aramızda belə bir söhbət oldu.

– Şairlərlə ehtiyatlı dolanmaq lazımdır. Birdən acığı tutar, sevgilisinə tənqidi şeir də yazar.

– Mən sənin əzabına dözmərəm, sənə nəinki tənqidi şeir, heç qaşın üstə qara xal da var, demərəm.

– Müşfiq, düzü çoxdandır səndən nigaran idim. Yaxşı ki, məktub göndərdin. Ürəyimə cürbəcür fikirlər gəlirdi.

Özümdən asılı olmayaraq məndə qəribə qısqanclıq oyanmışdı.

Müşfiq təəccüblə:

– Nə qısqanclıq? Yoxsa məndən sənə bir söz deyiblər? – dedi.

– Yox, yox, heç nə deməyiblər. Elə-belə, ürəyimə gəlib, deyirəm: Müşfiq şirindilli şairdir, başqa qızlara da şeir yaza bilər. Gözəl-göyçək qızlar şəhərdə nə çoxdur.

Müşfiq tutuldu. Elə bil baxışlarına bulud çökdü. Gözəl bır şeir dedi. Yalnız iki misrası yadımdadır.

 
Mən sənin gözlərinin məftunu,
Yeni əsrin yeni bir məcnunu.
 

Yadımdadır ki, bu şeiri oxuyan kimi Müşfiq dedi:

Ancaq bu məcnunluq mənim həyata, sənətə məhəbbətimi artırır, öz eşqimlə arzularımın zirvələrinə ucalmaq istəyirəm. Sən isə gör mənim barəmdə nə düşünürsən! Mənim sənə olan məhəbbətimi hamı bilir. Eşqi dillərə düşən şair heç başqalarına könül verərmi?

– Ay Müşfiq, adamın ürəyinə oğru təki soxulan bu qısqanclıq axı nədir? Dünyada qısqanclıq olmasaydı, daha yaxşı olmazdımı?

Müşfiq gülümsəyərək:

– Düz deyirsən, qısqanclıq pis şeydir: həm yaradıcılıq üçün, həm də sağlamlıq üçün, – dedi.

Müşfiq bu haqda çox fikirlər dedi. Hamısını xatırlaya bilmirəm. Yalnız bir söz yadımdadır.

– Bəziləri deyir ki, sevgi ilə birlikdə insanın ürəyinə qısqanclıq da dolur. Biz bir-birimizə inanmalı, boş yerə küsməməli, qısqanclıqdan uzaq olmalıyıq. Məndən sənə nə desələr, tez özümə çatdır, çünki bəzən iki sevgilini bir-birindən ayırmaq üçün uydurmalara əl atırlar. Sabah Şekspirin “Otello” əsəri oynanılır. Gəl səni rəfiqələrinlə bu tamaşaya aparım.

Ertəsi gün Müşfiq məni rəfiqələrimlə “Otello” tamaşasına apardı.

Müşfiq tamaşa qurtardıqdan sonra bizə dedi:

– Qızlar, görürsünüz həyat necə mürəkkəbdir?! İnsanlar safürəkli, günahsız bir mələyin ölümünə də qıydılar!…

Sonralar mən Müşfiqin “Sındırılan saz” poemasından aşağıdakı misraları oxuduqda onun bu söhbətini xatırlayırdım.

 
Sərin
Mən səndən küsmüşəm, orda-burda sən,
Niyə hər yetəni tərifləyirsən?
Duman
… Mən səni sevmişəm dünyada yalnız,
Sazımın telləri zülfündür, ay qız!
El də bilir, Duman sevir Sərini,
Kim bəyənməz bu mehriban pərini?
........................................................
Hər aşiqin bir canana meyli var,
Hər Məcnunu dağa salan Leyli var.
Sinəsində məhəbbətin dağları,
Şirin dedi, Fərhad çapdı dağları.
Yazıq Kərəm alış deyə, yan deyə,
Od içindən əl uzatdı Əsliyə…
 

Bir gün Dağüstü parka (indiki Şəhidlər xiyabanı – red.) gəzməyə çıxdıq. İşıqlar qoynunda üzən Bakı güzgü önündə dayanıb camalına tamaşa edən gözələ bənzəyirdi.

– Dilbər, görürsən Bakı axşamları nə füsunkar olur?! Bu gözəlliyi, onun hüsnünü vəsf etmək şairdən hünər istəyir. O, insan qəlbini eşqlə, hərarətlə doldurur, ürəyini vəcdə gətirir. İstər-istəməz sən bu gözəlliyə şeir deməli olursan. Qulaq as!

 
Sevgilim, həyata məhəbbətlə bax!
Bu sulu, torpaqlı dünya gözəldir.
Yer gözəl, göy gözəl, təbiət gözəl,
Asiman gözəldir, dərya gözəldir.
Fəqət sənin eşqin, mənim xəyalım –
Bunların hamısından daha gözəldir.
 

– Ay Müşfiq, elə bil şeiri qabaqcadan yazıbsanmış, nə rəvan şeirdir.

– Hələ mən sənin üçün yeni şeir yazıb gətirmişəm.

O, yeni şeirini oxumazdan qabaq, məşhur rəssam Rafael barədə danışdı.

– Deyirlər, onun Məryəm adlı bir sevgilisi var imiş. O, Məryəmin şəklini elə məhəbbətlə çəkib ki, çəkib qurtarandan sonra özü öz əsərinin təsirindən bayılıb.

Müşfiq bu rəvayətə şeir yazmışdı, oxudu, yadımda aşağıdakılar qalıb:

 
Deyirlər ki, Rafael vəcdə gəlib bayılmış,
Çağlayınca içində susan o incə tellər.
Röya görürmüş kimi uyğusundan ayılmış,
Yaratdığı şəkilə vurulmuşdu o rəssam, –
Öz böyük sənətinə özü qalmışdı heyran.
İndi də mən səninçün şeir yazmağa dursam –
Olaram zülfün kimi xəyalınla pərişan.
Sən bir Məryəm misallı, bəlkə də ondan göyçək,
Mən bir rəssam Rafael, bəlkə də ondan yüksək.
 

Müşfiq söhbətarası bu sözləri də dedi:

– Dilbər, başımı yaman qatmısan. Müasir mövzulardan lap az yazıram. Qorxuram deyərlər, Müşfiq məhəbbət şairi olub gedib.

Doğrusu, bu sözlərdən mən bir az pərt oldum.

– Demək təqsirkar mənəm, eləmi?

Müşfiq gülümsündü:

– Sən niyə təqsirkar olursan, – dedi, – özüm də tənbəllik eləmişəm.

Müşfiq aşiqanə şeirləri əsas yaradıcılığı hesab etmirdi. O həmişə günün tələbinə cavab verən mövzulardan yazmağı daha üstün tuturdu. Elə oradaca mənə xəbər verdi:

– Keçən il bir neçə yoldaşımla avralda, pambıq toplanışında olmuşam. Bu mövzuda bir poema yazmaq istəyirəm.

– Sənə müvəffəqiyyətlər arzulayıram, Müşfiq, – dedim.

Çox çəkmədi ki, Müşfiqin məşhur “Bəyaz çöllər” poeması çapdan çıxdı. Poemanın ilk misralarını oxucuların yadına salıram.

 
Çoxdandır bir şeir yazmamışam mən,
Çoxdandır bir nəğmə tutdurmamışam.
Çoxdandır ayrılıb şeir aləmindən,
Xəyal dənizinə baş vurmamışam.
 
 
Fikrim qasırğalı dəryalar kimi,
İstənilən qədər dalğalanmamış.
Könlüm uzaq gedən xəyallar kimi,
İncə buludlarla çulğalanmamış.
 
 
Ürəyim ilk bahar selləri kimi,
Atlana-atlana qaynamamışdır.
Ruhum Mil düzünün çölləri kimi,
Bəyaz çiçəklərlə oynamamışdır…
 

Müşfiq hələ APİ-də (indiki N.Tusi adına APU – red.) oxuyarkən xalq yazıçımız Süleyman Rəhimovla, şair yoldaşı Əhməd Cəmillə, tələbə yoldaşı Əliyar Qarabağlı, həkim Quliyevlə könüllü olaraq pambıq toplanışında olmuşdur. Tələbə yoldaşı Əliyar Qarabağlı bu səfəri belə xatırlayır: “1930-cu ilin axırlarında biz tələbələr Ağcabədi rayonuna pambıq yığmağa getmişdik. Mil düzü bollu pambıq yetişdirmişdi. Yolumuz Ağcabədidən, Hindarxından keçirdi. Ağcabədidə bizə bir yer göstərib “bax, Hacı Qaranın dükanının yeri buradadır,” – dedilər.

Müşfiq özünəməxsus bir tərzdə əl-qolunu ata-ata “Ay uşaqlar, gəlin, alın aparın, bu maldan olmaz,” – deyə Hacı Qaranı yamsıladı. Mən Müşfiqlə bir briqadaya düşmüşdüm. Müşfiq tələsik bir məzəli şeir yazdı.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Soltan Məcid Əfəndiyev bir gün buraya gəldi. İşimiz və həyatımızla tanış oldu. Müşfiqin şeirini oxuyub güldü. Bizə bəzi vədlər verdi və onlara dərhal əməl etdi. Biz bir aydan artıq müddətdə həvəslə işlədik. Çoxlu pambıq yığdıq. “İnqilab və mədəniyyət” jurnalının 1931-ci il 7-8-ci nömrələrində M.Müşfiqin “Bəyaz çöllər” adlı böyük mənzum oçerki nəşr olunmuşdu. Bu oçerk yuxarıda qeyd etdiyimiz səfərin məhsulu idi.

 
Şairlər yanında qaradır üzüm,
Yalnız sizə gəlir güman, Mil düzü! –
 

deyə şair Mil düzünü köməyə çağırır. Tarixə müraciət edir. Mil torpağının keçmişini xatırlayır. Yaxından axan Arazın, Milin dərdlərinə uzun zaman biganə qaldığını təəssüflə yad edir. Nəhayət, çəkilən yeni su kanallarını böyük sevinclə təsvir edirdi. O ili Mil düzü bol pambıq yetirmişdi. Yığıb-yığışdırmaq mümkün deyildi. Şair bu bəyaz çölləri belə təsvir edirdi:

 
Dalğın bir şairin xülyasıdır o,
Mil düzünün bəyaz röyasıdır o.
Ki, bu gün həqiqət şəklinə girmiş…
 

Pambığın və neftin respublika üçün əhəmiyyətini yaxşı başa düşən gənc şair bunu obrazlı bir dillə belə ifadə edir:

 
Pambığın çoxluğu – çoxluğumuzdur.
Pambıq “çörəyimiz, neft suyumuzdur”.
 

Bizim tarla yürüşümüz haqqında isə şair belə yazır:

 
O gün ki tarlaya səfərbər olduq,
Hamımız müntəzəm bir əsgər olduq.
On-on düzələrək tarla boyunca…
Hərbi vəziyyətin gedişidir bu,
Bizi sarsıtmadı işin çoxluğu.
 

Müşfiq avralda həkim Quliyevlə də bir yerdə olub. O, həmin günləri belə xatırlayır: “Pambıq yığımında qırmızı, qara lövhə asılmışdı. Çox pambıq yığanların adını qırmızı, az pambıq yığanların adlarını isə qara lövhələrə yazırdılar. Müşfiq özü hamıdan çox pambıq yığırdı. Adı həmişə qırmızı lövhədə idi. Bizə deyirdi: “Həvəslə çalışın, tənbəllik edənlərə tənqidi şeirlər yazacağam”.

Əhməd Cəmilin Mikayıl Müşfiq haqqında xatirəsindən: “Müşfiqi ilk dəfə 1930-cu ildə görmüşəm. V.İ.Lenin adına APİ-nin birinci kursuna daxil olanda Müşfiq 3-cü kurs tələbəsi idi. Ortaboylu, qarayanız bir oğlan idi. Həmin ilin payızında bizim fakültənin tələbələrini Mil düzünə avrala aparmışdılar, pambıq yığmağa… Müşfiq də avrala gələn tələbələr arasında idi. Burada onu tanımayan yox idi. Bütün günü tarlada pambıq yığa-yığa xırıltılı həzin səsi ilə mahnı oxumağı sevərdi.

O, arabir pambıq yığan qızlara şairanə, zərif atmacalarla müraciət edər, öz dostları ilə şeirləşər, sovxozda işləyən özbək qardaşlarla zarafatlaşar, onlara Nəvaidən beytlər, misralar deyərdi… Biz bu şən və coşqun gəncin zarafatlarına və mahnılarına o qədər alışmışdıq ki, hərdən səsi gəlməyəndə narahat olurduq. Pambıq yığdığımız tutqun payız çölündə elə bil nəsə çatmırdı.

Biz hələ tanış deyildik. O vaxt mənim 17, Müşfiqin 22 yaşı var idi. Müşfiqlə mən 1933-cü ildə tanış olmuşduq. Bizi Səməd Vurğun tanış etmişdir…

Müşfiqi otuzuncu illərdə Bakıda Maarif İşçiləri evində keçirilən şeir gecələrində də görmüşəm. Belə gecələrdə Səməd Vurğunun ağır, təmkinli, Mikayıl Müşfiqin coşqun və alovlu çıxışları bütün şeir həvəskarları kimi mənə də həmişə xoş təsir bağışlayardı.

Otuz beş, otuz altıncı illərin söhbətidir. O vaxt mən Şamxor rayonunda (indiki Şəmkir – red.) kənd müəllimi idim. Bakıya müəllimlər müşavirəsinə çağırmışdılar. Bir gün müşavirədən çıxanda Kommunist küçəsində Müşfiqə rast gəldim. Müşfiq çox səmimi və istiqanlı insan idi. Gəzə-gəzə dəniz kənarına gəldik. Bulvarın lap girəcəyində sol əldə idmançı oğlanla qız heykəlləri qoyulmuş yerdə bir skamyada oturduq. Çox söhbətdən sonra o məndən bir şeir oxumağımı xahiş etdi. Mən “Partizanın qəbri” adlı uzun bir şeirimi oxudum. O çox diqqətlə qulaq asırdı. Mən bir yandan şeiri düzgün və ifadəli oxumağa səy edirdim, bir yandan da bərk həyəcan keçirirdim ki, görəsən Müşfiqə necə təsir bağışlayacaq, o nə deyəcək. Şeir qurtaranda Müşfiq mənim baxışlarımdakı intizarı sezdiyi üçünmü, ya nədənsə çiyinlərini çəkib:

– Cəmil, vallah sən də elə bizim kimi yazırsan… – dedi.

O, həmişə mənə – Cəmil – deyə müraciət edirdi.

Ayrılanda qələm, kağız çıxarıb ev ünvanını yazıb verdi və ürəkdən gələn bir səmimiyyətlə: – Sabah istirahət günüdür. Saat 12-də bizə gəl, – dedi. – Sabah da mən sənin üçün şeir oxuyacağam, ancaq gəlməmiş olma! – deyə dönə-dönə tapşırdı.

Ertəsi gün dediyi vaxtda getdim. Qapını özü açdı. Məni həyat yoldaşı ilə tanış etdi. Müşfiqin çox böyük olmayan bir otağı var idi. Otaq bütün Şərq evləri kimi çox təmiz, səliqəli və sahmanlı idi.

Müşfiq klassik Azərbaycan şeirini, aşıq poeziyasını və Şərq ədəbiyyatını çox yaxşı bilirdi. Onun gözəl hafizəsi vardı. Füzuli və Nəsimidən başlamış Vaqifə, Ağa Məsih Şirvaniyə qədər bütün Azərbaycan şairlərinin şeirlərini, Tufarqanlı Abbasdan tutmuş Ələsgərə qədər bütün aşıqlarımızın qoşmalarını əzbərdən bilirdi.

Həmin illərdə Müşfiq rus şairlərindən Puşkin və Lermontovun yaradıcılığını yaxından öyrənir və Azərbaycan dilinə tərcümə etməyə başlayırdı. O günü Müşfiq mənə Puşkinin “Qaraçılar” poemasından bir parça oxudu. Puşkin poeziyasının gözəlliyindən böyük bir məhəbbətlə danışdı. Ona qulaq asdıqca mən bir daha yəqin etdim ki, Müşfiq ancaq şeir üçün, şeirin işıqlı, nəhayətsiz göylərində uçmaq üçün doğulubdur…

Müşfiq Şərq ədəbiyyatına da maraq göstərirdi. O, Xəyyamdan tərcümə etdiyi bir neçə rübai də oxudu. Bunlar böyük ilham və ustalıqla edilmiş gözəl tərcümələr idi.

O, sonra mənim təzə nə yazdığımı və nə üzərində işlədiyimi xəbər aldı. Mən ayağa duranda xahiş elədi ki, cümə günü öz şeirlərimi də götürüb gündüz saat 2-də onlara gəlim. “Yəni, şeirlərini gətir… Şeirlərinə qulaq asmaq istəyirəm”, – dedi.

Müşfiqgildən çıxıb Əzizbəyov küçəsilə indiki Nizami muzeyinə tərəf gedirdim. Sabir kitabxanasının qabağına çatanda dalımca “Cəmil! Cəmil!” deyib yüyürən bir adamın ayaq səslərini eşitdim.

Geriyə döndüm. Dalımca təngnəfəs yüyürən Müşfiq idi. O tövşüyə-tövşüyə: – Cəmil, bağışla, mən düz deməmişəm… Səndən sonra cədvələ baxdım, cümə günü saat 2-də təzə məktəbdə dərsim var. Dedim gəlib məni evdə tapmazsan, yaxşı düşməz… Cümə günü səni saat 2-də yox, saat 4-də gözləyəcəm… – dedi.

Mən onun bu nəcib insaniyyəti qarşısında quruyub qaldım.

Müşfiq belə adam idi!”

1931-ci ildə Müşfiqi Bayıldakı mədəniyyət evində təşkil olunmuş ədəbiyyat dərnəyinə rəhbər göndərmişdilər. inqilabi mübarizə, döyüş və əmək ənənələri ilə məşhur olan bu rayonun zəhmətkeşləri, Müşfiqin şair qəlbini coşdurmaya bilməzdi. Müşfiq bu rayonun hər işi ilə yaxından tanış olub, bir sıra bədii əsərlər yazmışdı. Bunlardan “Neft – İliç buxtası”, “Posyolka”, “İşçi qız” şeirlərini, “Buruqlar arasında” poemasını göstərmək olar.

Bir dəfə Müşfiqlə Zevin (indiki Əziz Əliyev – red.) küçəsi ilə gedirdim. Ucaboylu, mədəni geyimli bir nəfərlə Müşfiq görüşdü. Mən dayanıb ağır addımlarla getdim. Müşfiq həmin adamla danışdıqdan sonra iri addımlarla gəlib mənə çatdı.

– Dilbər, mənimlə görüşən həmin şəxs hörmətli bəstəkarımız Müslüm Maqomayev idi. Onun “Şah İsmayıl” operasının librettosunu mənim atam yazıb. O bizi tamaşaya baxmağa dəvət edir.

Bu barədə Müşfiqin yaxın dostu Əkrəm Cəfər 14 fevral 1961-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində belə yazır:

“Azərbaycan SSR EA Respublika Əlyazmalar Fondunda saxlanılan arxivlər içərisində görkəmli yazıçı, artist və digər ziyalılarımızın məlum sənədləri ilə yanaşı bəzən kiçik və demək olar ki, zahirən həmin arxivə heç bir dəxli olmayan sənədlərə də rast gəlmək olar. Məsələn, görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin 30-cu illərin əvvəllərində Azərbaycan Dram Cəmiyyətinə verilən ərizə və göndərilən təliqələrin bir qismi ədibin şəxsi arxivində mühafizə olunmuşdur. Həmin sənədlər içərisində şair M.Müşfiqin avtoqrafı olan bir ərizə 17 dekabr 1931-ci ildə qırmızı mürəkkəblə yazılmışdır. Vərəqin ikinci üzündə yenə M.Müşfiqin bənövşəyi karandaşla yazdığı eyni məzmunlu ərizə vardır. Həmin ərizələrdən məlum olur ki, “Şah İsmayıl” operasının mətnini M.Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə yazmışdır. Bir çox ziyalılarımıza şübhəsiz ki, məlum olan bu fakt geniş oxucu, tamaşaçı kütləsinə məlum deyildir. Bunun da əsas səbəbi proqramlarımıza bir qayda olaraq mətn (libretto) müəllifinin adının yazılmamasıdır”.

1931-ci ilin axırıncı ayı idi. Mən imtahanlara hazırlaşdığım üçün Müşfiqlə az-az görüşürdüm. Bu isə Müşfiqin narahatlığına səbəb olurdu. O, rəfiqələrimlə mənə tez-tez məktub göndərirdi. Hər məktuba yeni bir şeir əlavə edirdi. Təəssüf ki, o şeirləri xatırlaya bilmirəm.

Sonrakı görüşlərimizin birində mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm qondu. Elə oradaca “Ayrılıq” şeirini dedi:

 
O gün ki, hicrana uğradı yolum.
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.
 
 
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi? –
Qəlbimin çeşməsi çağlar səninçün.
 

Müşfiqin bu həyəcanlı və kövrək halı mənə elə təsir etdi ki, gözlərimdən qeyri-ixtiyari yaş axdı. Müşfiq mənim bu halıma dözmədi. Elə oradaca bu şeiri də dedi:

 
Bir qara buludam uca göylərdə,
Bu qara baxtımla bizim ellərdə.
Sən neçin ağlarsan mən duran yerdə,
Nərgiz gözlərinin yaşına qurban.
 

Mən dedim:

– İstəyirsən heç getməyim, daha bundan ötəri niyə belə narahat olursan.

Müşfiq yenə də şeirlə cavab verdi:

 
Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı.
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
 

– Ay Müşfiq, bu gözəl şeirdir. Bəs o qara qul sözü nədir? – deyə soruşdum. – Heç sənin kimi vüqarlı şairə də qul sözü yaraşarmı?

Müşfiq bu dəfə nəsrlə cavab verdi. Nizamidən misal çəkdi:

– Hər şey incəliyindən sınsa da, insan qalınlığından sınar. Mən öz məhəbbətimin qulu olmağımla fəxr edirəm, – dedi.

Xeyli söz-söhbətdən sonra Müşfiq Gəncəyə getməyimə razı oldu.

Gəncə dağlarını – qəlbimi özünə qırılmaz tellərlə bağlayan bu yerləri hər dəfə xatırlayanda, xəyalım istər-istəməz o günlərə – gəncliyimin ən dadlı, ən pak, ən unudulmaz çağlarına qayıdır, bu dağların yaşıl qoynunda pıçıldaşan bulaqlar, qayğısız ötən quşlar və burada ömür sürən insanlar yada düşür.

Biz hər səhər, günəşin şəfəqləri göy otların üstünə düşən şehləri qurutmamış alaçıqdan çıxıb çiyələk, moruq yığmağa gedərdik. Yaylaqlar öz nadir nemətlərini çəmən süfrələrinə düzər, kolların boynundan asardı. Biz səhərin təmiz havasından uda-uda bu nemətlərdən dərib yeyər, günəş boyunu dağların çiynindən göstərəndə geri dönərdik.

Bakıda olanda, Xəzərin sahil daşlarına çırpınıb çiliklənən ayna sularını görəndə elə bil nagahan bir səs qulağıma pıçıldayıb deyir:

“Yenə o bağ olaydı, Dilbər, səni dil-dil ötən suların, saçın kimi qıvrılan dalğaların əlindən alaydım”. Elə ki, qoynunda doğulub boy atdığım qədim Gəncəyə gəlirəm, Müşfiqin bu yerlərin təbiətinə olan sonsuz məhəbbəti yadıma düşür. Bu yerlər Müşfiqin ruhunu çox oxşardı. Onun könlünü elə qanadlandırardı ki, hətta şəhərdə belə o, xəyalən bu yerlərdə gəzib dolanardı. Müşfiq bu yerlərdə gəzmək, Kəpəzin nadir incisi olan Göygölün sahilində dayanıb onun büllur sularına tamaşa etmək istərdi. Mən Müşfiqin bu əhvalını yaxşı başa düşürdüm. Başı göylərə dəyən uca dağlar, yaşıl meşələr, zümrüd sular şair üçün təkcə istirahət və ilham mənbəyi deyildi. O, bu yerlərə layiq nadir sənət inciləri yaratmaq istəyirdi.

Müşfiqlə tanış olduqdan sonra, onu Bakıda qoyub buraya gəldiyim yay əvvəlki yaylara bənzəmirdi. Mən suların zümzüməsini, yarpaqların pıçıltısını eşitdikcə Müşfiqi xatırlayırdım. O deyərdi: “Dilbər, kaş mən yatanda başım üstə axar sular çağlaya idi”. Müşfiqlə tanış olandan bəri mən təbiəti daha çox sevməyə başlamışdım. O, mənə təbiətdə bu vaxtacan duyub görmədiyim gözəllikləri duymağı öyrətmişdi. Axı, o özü də təbiətin, işığın, günəşin, bu cəh-cəhli gülüstanın bir parçası idi…

Müşfiqin hər xasiyyətini, hərəkətini yada salıb yaylaqda onun xəyalı ilə əylənirdim. Ayağımı hara qoyurdumsa, onun baxışları məni müşayiət edir, surəti gözlərimin önündə canlanırdı. Sanki o küskün, mənalı və qaynar baxışlar mənsiz darıxdığını söyləyirdi.

O mənə həmişə deyərdi:

– Dilbər, sənsiz mən cənnətdə olsam da darıxacağam. Səninlə zindanda olsam oranı cənnət bilərəm.

Bu münasibətlə “Söylə” şeirini yazmışdı:

 
Günlərim axışır bir uyqu kimi –
Dərədən-dərəyə axan su kimi,
Dilbərim hərcayi bir ahu kimi,
Hicran dağlarını aşarmı, söylə?..
 

Mən bütün günü xəyalımda onu anar, gözlərimi axşamlar onun fikri ilə yumar, səhərlər onu görmək arzusu ilə açardım.

 
Qoşa gəzdiyimiz o yerlərə mən,
Üz tutub gəlmişəm bu gün yenidən.
Boynu bükük durub güllər, çiçəklər,
Burdan qəmli keçir sərin küləklər.
Bulaq pıçıldayır, şəlalə dinir.
Quşlar dəstə-dəstə oxur, səslənir.
Gözüm nəyi görsə sənsən, sanıram.
Sənin xəyalınla sənsiz yanıram.
Bürünüb arzuna bu doğma çöllər,
Eşqinlə göyərib açılır güllər.
Təbiət söyləyir ürək sözümü,
Gözlərim axtarır sənin özünü.
 

Ürəyimə dammışdı ki, o gələcək, mənə özü ilə sevinc və fərəh gətirəcək…

Bir səhər yenə də dağların ətəyinə çiyələk, moruq yığmağa çıxmışdıq. Yoldaşlarım yığdıqları moruğu, çiyələyi yeyir, mən isə səbətimə toplayırdım. Bunu görən Ələkbər (bəstəkar Ələkbər Tağıyev uşaqlıqda Gəncədə bizim yaylaq qonşumuz olubdur) məndən xəbər aldı:

– Dilbər bacı, sən niyə yığdığını yeməyib sonraya saxlayırsan?

Ələkbər yaşca məndən kiçik olsa da, onun xətrini çox istəyirdim. Ürəyimdən keçənləri ondan gizlətmədim:

– Bu gün bizə qonaq gələcək, – dedim.

– Hardan?

– Bakıdan.

– Kim gələcək?

– Şair Mikayıl Müşfiq, eşidibsən?

– Əlbəttə, hələ şeirlərindən də əzbər bilirəm. İstəyirsən deyim?

– De!

Ələkbər ciddi bir vəziyyət alıb Müşfiqin “Ana” şeirini əzbərdən dedi.

Müşfiqin dağlara qonaq gələcəyi gümanımı Ələkbər gerçək bir hadisə kimi hamıya yaydı. Bu xəbəri eşidən yoldaşlarım sevindilər, yığdıqları moruq və çiyələkləri yeməyib mənim səbətimə tökməyə başladılar.

Bir azdan deyə-gülə geri qayıtdıq. Alaçığa çatanda gözlərimə inanmadım. Mənim gümanım doğru çıxmışdı. Müşfiq Səməd Vurğunla Gəncəyə, oradan da dağlara qonaq gəlmişdi.

Mən özümü itirdim, nə edəcəyimi bilmədim. Şairlərin gəlişinə sevinən adamlar hər tərəfdən onları əhatə etmişdi.

Məni görən kimi hər ikisi yanaşıb salam verdi, hal-əhval tutdu. Mən razılıq elədim.

Səməd Vurğun ətrafa mənalı nəzər salıb günəşin şəfəqləri ilə gülümsünən zümrüd donlu dağları qəribə bir məftunluqla süzdü, şeir dedi. Həmin şeirin aşağıdakı misraları yadımdadır.

 
Dəymə, dəymə mənə, darıxdım yenə,
Qoy çıxım dağlara, deyim: yar hanı?
Fələk möhür basdı düşmən deyənə,
Bəs mənim verdiyim yadigar hanı?
 

Ailəmiz və qohumlar onların şərəfinə böyük qonaqlıq verdilər. Ertəsi gün mən, adətim üzrə səhər tezdən alaçığımızın yaxınlığındakı moruqluğa getdim. Müşfiq yuxudan oyananda məni evdə görməyib harda olduğumu soruşur, yerimi öyrənib dalımca gəlir.

Mən şairlər yuxudan durunca onlara moruq yığmaq fikrində idim. Birdən yanımda Müşfiqin mehriban səsini eşidib diksindim.

– Sabahın xeyir olsun, Dilbər… Dünənki moruğun dadı hələ də damağımdan getməyib. Yenə də bizə moruq yığırsan?

Utana-utana: “Bəli”, – dedim. O mənə yaxınlaşıb hörüklərimi əlinə aldı və bir şeir dedi. Yadımda aşağıdakı misralar qalıb:

 
Qaçma, qaçma məndən, boyunu göstər,
Könlüm ay üzünü hey görmək istər.
Saçın gül suyunda yıxanmış məgər?
Ətrindən dimağım, beynim mey çəkər.
 

Müşfiq şeiri yenicə deyib qurtarmışdı ki, yaxın kollarda bir quş oxudu. Müşfiq susdu, boylandı, həyəcanlandı: – Bax, sanki şeyda bülbül də mənim səsimə səs verir. Aşiq aşiqi gendən tanıyar, – dedi. – Həyatımın nə gözəl dəqiqələridir…

Kaş o, bir rəssam olaydı. Bu mənzərəni çəkib verəydi mənə, əbədi qalmaq üçün…

– Müşfiq, – dedim, – bizim bir-birimizi sevdiyimizi evdə bilmirlər. Bizi bir yerdə görsələr şübhələnərlər.

Müşfiq bir mənə, bir moruq kollarına, bir də buludlu zirvələrə çılğın nəzər salıb bu şeiri dedi:

 
Görəsən, bu dağ bizi qoynuna alacaqmı,
Ağaclar üstümüzə kölgə salacaqmı?
Qoşa gəzəcəyikmi bu döşdə, bu çəməndə?
Evə dönəcəyikmi günəş qürub edəndə?
 

O mənə: “Yaxşı, mən getdim, sən də tez qayıt”, – deyib uzaqlaşdı.

Evimizə gəlib-gedənin arası kəsilmirdi. Elə bil Səmədlə Müşfiq bu dağlara özləri ilə bol-bol sevinc, fərəh gətirmişdilər. Hər kəs onların yanında daha çox oturmağa, sözünü-söhbətini eşitməyə çalışırdı. Səmədlə Müşfiqin özləri də gəlib-gedənin sözündən, ixtilatından doymurdu.

Biz axşamüstü yenə dağların ətəyinə gəzməyə çıxdıq. Çiyələk yığarkən adətimiz üzrə hər kəs özünə çiyələk məskəni seçərdi. Bu məqsədlə mən rəfiqələrimdən ayrıldım. Bir də gördüm Səmədlə Müşfiq mənə tərəf gəlirlər. Onları görəndə ürəyim uçunmağa başladı. Səməd mənə mehriban bir nəzər salıb gülümsündü:

– Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, – dedi, – bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməsidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib.

Mən dinmədim. Səməd sözünə davam etdi:

– Bilmirəm, siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Özü orada, fikir-xəyalı isə burada. Gördüm bu gedişlə o, Kərəmi keçib Məcnun olacaqdır, axırda dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə ürəyin orda təskinlik tapdı. Elə bil Müşfiq mənim bu sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü qabağıma. Bütün yolu şeir deyə-deyə gəlmişik.

Sonra o, üzünü Mikayıla tutdu:

– Xahiş edirəm, yolda dediyin şeirlərdən birini de.

Müşfiq qığılcım saçan baxışlarını mənə dikib uzun bir şeir dedi. Təəssüflər olsun ki, o şeirdən ancaq aşağıdakı misralar yadımdadır.

 
O süzgün gözlərə əsir olalı,
Silindi könlümün dərdi, məlalı.
Ay nazlı Gəncənin nazlı maralı, –
Ovçuyam, ardınca qaçmaq istərəm.
Sən aşan dağları aşmaq istərəm.
 

Səməd və mən Müşfiqi böyük məftunluqla dinlədik. Səməd zarafatla dedi:

– Dilbər bacı, qorxum bir bu Müşfiqdəndir. Məni ötsə, ancaq bu ötəcəkdir.

Mən dedim:

– Müşfiq də elə həmişə sizi tərifləyib deyir ki, gənclikdə çoxunun şeirə-sənətə həvəsi olur. Müəyyən vaxtdan sonra ilhamı sönüb gedir. Ola bilsin mənim də ilhamım sönsün. Ancaq Səməd həmişə yazıb-yaradacaq.

Yanımızda dağ başından şəlalə axırdı. Səməd gülümsəyərək şəlaləyə baxıb dedi:

– Bax, Müşfiqin ürəyi bu dağ şəlaləsi kimi çağlayır. O, vətən eşqilə həmişə coşub-daşacaq.

Mən Səmədin ürəyinin vəcdə gəldiyini gördüm. O mənə səmimi bir nəzər salıb, sonra üzünü Müşfiqə tutdu, bir şeir dedi:

 
Sən gələndə bizim ellər yaz olur,
Aramızda söhbət olur, saz olur.
Hicran dərdi əvvəlkindən az olur,
Tərlan könlüm dolandıqca başına.
Nə bağım var, nə bağçam var, nə gülüm,
Qoy bir az da bu dünyada mən gülüm.
Alçalarsan el içində, sevgilim, –
Gözü yaşlı bir gün çıxsam qarşına.
 

Ertəsi gün Səmədlə Müşfiq Gəncədə öz şeirləri ilə çıxış etdilər. Camaat onları böyük hörmət və məhəbbətlə qarşıladı. Hər şeirdən sonra alqış sədalarının ardı-arası kəsilmək bilmirdi. Qohumlarımız və tanışlar onları hörmətlə Bakıya yola saldılar. Bir müddətdən sonra biz də Bakıya qayıtdıq.

Bakıya gəldiyim günün səhərisi Sabir kitabxanasına gedirdim. Bir də gördüm Müşfiq bizim evin qabağında gəzinir. Görüşüb söhbət edə-edə M.F.Axundov bağına tərəf gəldik. Biz bağa çatanda Müşfiq əli ilə qarşıdakı binanı göstərib dedi:

– Mənim yazıçı dostum Mehdi Hüseyn bu evdə yaşayır. O, təzəcə evlənib, yoldaşının adı Fatmadır, mənim xətrimi çox istəyirlər. Onlara sənin barəndə də demişəm. İstəyirsən gedək səni onlarla tanış edim.

Etiraz etmədim. Mehdi ilə Fatma xanım bizi çox səmimi qarşıladılar. Söhbət zamanı gördüm ki, Müşfiqin bunlardan heç bir gizli sözü yoxdur. Müşfiqin mənə həsr etdiyi şeirlərin çoxunu Fatma xanım əzbər bilirmiş. Fatmanın onun şeirlərinə olan məhəbbəti 1956-cı ildə mənə kömək etdi. O vaxt “Azərnəşr” Müşfiqin ikicildlik seçilmiş əsərlərini çapa hazırlayırdı. Müşfiqin öz dəsti-xətti ilə yazdığı “Dilbərnamə” şeirlər məcmuəsi və bir çox başqa əsərləri də var idi. Müşfiqin 1956-cı ildə çapdan çıxan “Seçilmiş əsərlər”inin birinci cildində həmin məcmuədə olan lirik şeirlərin bir neçəsini Fatma xanımın dilindən yazıb nəşriyyata təqdim etdim.

Xoşbəxtlikdən bir çox lirik parçaları yadımda qalmışdı. Çox təəssüf ki, “Yaşa könül”, “Küsmərəm” və bu kimi şeirlərin bir sıra gözəl bəndləri yadımdan çıxmışdır. “Yaşa könül” şeiri altı bənddən, “Küsmərəm” şeiri isə beş bənddən ibarət idi. Yadımdan çıxan “Dilbər” şeirinin bir bəndini mənə Fatma xanım xatırlatdı:

 
Ah, o bulaq kimi qaynayan gözlər,
Gözəl təbiətin şeiriyyətimi?!
Axı sən bilmirsən, bilənlər bilir –
O gözlərə olan məhəbbətimi.
 

Fatma xanım ilk görüşümüzdə söhbət zamanı mənə dedi:

– Dilbər, mən Müşfiqi doğma qardaşım kimi sevirəm. Ona görə Müşfiqin sənə həsr etdiyi şeirləri oxuduqca səni görməyə marağım artırdı. Bu gün arzuma çatdım.

Sonra Mehdi Hüseyn Müşfiqdən təzə şeirlərini oxumasını xahiş etdi. Müşfiq təzə şeirlərini oxuduqdan sonra Mehdi gözəl mülahizələr söylədi. O gündən sonra mən Fatma xanımla yaxından dost oldum. Birlikdə şəkil də çəkdirdik. O şəkil indi də durur.

Növbəti görüşlərimizin birində Dağüstü parka çıxmışdıq. Hündürdən Bakının füsunkar işıqlarını seyr edirdik. Nədənsə Müşfiq qayğılı, fikirli görünürdü.

– Nə düşünürsən? – dedim.

O, üzünü mənə çevirdi.

– Dilbər, – dedi, – bizim bu görüşlər mənim aləmimdə artıq mənəvi bir ehtiyaca çevrilib. Amma nə vaxtacan biz çəkinə-çəkinə, qorxa-qorxa görüşəcəyik?! Mən istəyirəm sən mənim könlümün bağbanı olasan. Biz bir-birimizə ömür boyu vəfalı olaq. Qəlbim-sənətim sənə bağlı olsun. İstəyirəm sizə elçi göndərim. Razılıq alan kimi nişan taxaq. Ondan sonra ürəyimiz istəyən vaxt görüşə bilərik. Sən də görüşə gələndə ayağının birini qaçaq qoymazsan.

Mən fikrə getdim. Cavab verməkdə çətinlik çəkir, tərəddüd edirdim.

Müşfiq sözünə davam etdi:

– Əgər nişanlansaq, mən də ürəyim istəyən vaxt gəlib səni evinizdə görərəm. Gecələr küçənizdən keçərkən sizin evdə işıq gəldiyini görəndə sevinirəm. Evinizin qabağında dayanıb xəyala dalıram. Hələ sən yatan otağa da bir şeir yazmışam.

 
Ey altun şəfəqli bəxtiyar otaq,
De, nurlu qoynunda sənin kim yaşar?
Ellər dolaşarkən açıq havada,
Səni Dilbərinmi nəfəsi oxşar?
 

Yenə ona cavab vermədim. Fikrimdə Müşfiqin sözlərini götür-qoy edirdim. “Elçi göndərim, razılıq alım, nişan taxım…”.

Mən boynumu büküb fikrə daldım. Müşfiq dilə gəldi:

 
Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.
 

Bepul matn qismi tugad.

11 221,67 s`om
22 443,34 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
Hajm:
161 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8452-1-3
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar